Gəraylılar Aşıq Nəcəf Əlimərdanlı (1900–1946) Qadasın aldığım Səhər səhər əsən yellər, Əsmə, qadasın aldığım. Əl mənimdir, ətək sənin, Kəsmə, qadasın aldığım. Səhərin əsən yelləri, Yana dağıdır telləri, Dəstində qızıl gülləri, Məsmə qadasın aldığım. Alt yanımız bağça-bağdı, Üst yanımız qarlı dağdı, Nəcəfin də ərki vardı, Küsmə, qadasın aldığım. * * * Oyanmaz Qaşı cəllad, gözü yağı Yatıb oyanmaz, oyanmaz. Qəm hicranı yenə mənə, Satıb oyanmaz, oyanmaz. Alım yarın qadasından, Bəlkə içəm badasından. Şirin söhbət vədəsindən, Ötüb oyanmaz, oyanmaz. Şirmayı düzüb sazına, Bülbül gəlir avazına. Yusif kimi murazına, Çatıb oyanmaz, oyanmaz. Götürüb hicran daşını, Qovğaya saldım başımı. Nazlı yar, qəflət quşunu, Tutub oyanmaz, oyanmaz. Nəcəf kəsməz həvəsini, Tərlan gəzər yuvasını. Ağ üzündən cunasını, Atıb oyanmaz, oyanmaz. * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-necef-elimerdanli-geraylilar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1946). Public domain (author died 1946). Original text only.