Nəfəsçəkmə təcnis Aşıq Nəcəf Əlimərdanlı (1900–1946) Bağban bar bəsləyib bara yetəndə, Dərəndə meyvəsin eyləməzmi isss... Yar badə dəstində yara yetəndə, Dadanda ləzzətin eyləməzmi isss... Bekar arvad cavan əri qocaldar, Küsər öz bəxtindən ay eylər of-of! Çalış hər bir işə yara, yetəndə, Dərdə əlac olar yara yetəndə, Həsrət çəkən könül yara yetəndə Görüş zamanında eyləməzmi isss... Bir bədəsil çıxsa yaxşı nəsildən, Görənlər ah çəkib ay eylər of-of! Elə danış deməsinlər səy sənə, Bir dərdimi yetirmisən səysənə, İnsan qəfil yuxusundan səysənə, Oyanıb yuxudan eyləməzmi isss... Mərd igidin sərəncamı pozulsa, Dost görər yurdunu, ay eylər of-of! Nəcəf deyər, dost qadanı az alım, İnsafdırmı mən dərdindən azalım. Sən gələndə biz tərəfə, a zalım, Həsrət çəkən könül eyləməzmi isss... Bir səyyad ki, şikarını bulmaya, Boylanar dalınca, ay eylər of-of!!! * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-necef-elimerdanli-nefescekme-tecnis İctimai mülkiyyət (müəllifin vəfat ili: 1946). Public domain (author died 1946). Original text only.