Bağlamalar Aşıq Nəsib (1874–1944) Səndən xəbər alım, Aşıq Ələsgər, Doqquz nədi, sənətindən xəbər ver?! Neçə doqquz bir-birinə bağlıdı, O doqquzun qüdrətindən xəbər ver?! Doqquzu nə dildə edir söhbəti? Doqquzu doqquzdan buraxmır qəti. O doqquzda nə görübsən xilqəti? O doqquzun xilqətindən xəbər ver! Doqquzu birləşib tapıb necə yol, Kim idi onları elədi qəbul? Necə şah, vəzirdi qarşısında qul, Nəsib deyər, hikmətindən xəbər ver! * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-nesib-baglamalar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1944). Public domain (author died 1944). Original text only.