Gəraylılar Aşıq Nəsib (1874–1944) Allah, Allah Bahar adım eşitdim, Bağrım yandı, Allah, Allah! Gözlərimdən axan yaş da Qızıl qandı, Allah, Allah! Bir yanda mən, bir yanda yar, Bir zaman olduq bəxtiyar. O günlərdən xatirə var; - Könül andı, Allah, Allah! Nəsib yazıq qaldı belə, Sazını götürdü ələ, Dərdini gətirib dilə, Yanmcandı, Allah, Allah! * * * Alaşa Yatdın suda, ay maşallah, Nə xoşdu halın, Alaşa. Toz-torpağa, quma-gilə Batıbdı yalın, Alaşa. Yazıq colpa mat qalıbdı, Çarığına su dolubdu. Deyən ağlı azalıbdı, Çox qeylü-qalın, Alaşa. Sənlə nahaqdan öyündüm, Nəsibəm ucadan endim. İslanlıb cücəyə döndüm, Varmış zavalın, Alaşa. * * * Didələrim qan ağlayır Didələrim qan ağlayır, Nazlı yarı itirəndən. Qəhərlənib tez doluram, Ürək vərəm gətirəndən. Bəlliyəm oba-elimdə, Baharın adı dilimdə. Ah çəkirəm saz əlimdə, Yarı yada ötürəndən. Şuxluq heç vaxt gülə qalmaz, Solar, aya, ilə qalmaz. Nəsib yanar, belə qalmaz, Eşq sevdasın bitirəndən. * * * Keçdi Ağbabanın yaylağından Bir cüt gözəl gəldi, keçdi. Qızıl tənə qulağında Dərdlərimi bildi, keçdi. Biri eşq əlindən xəstə, Alma yanaq, boyu bəstə. Hər nə dedim, “gözüm üstə” Belə dedi, güldü keçdi. Mən Nəsibə zülüm oldu, Ağladım gözlərim doldu. Biri ürəyimi aldı, Qara günlər gəldi keçdi. * * * Mən gəzirəm bu yaşımda Mən gəzirəm bu yaşımda, Bu dünyanın qarasında. İş gətdi ki, rast olduq, Qağızmanın yörəsində. Sinəm başı düyün-yara, Taleyim kəm, bəxtim qara. Qovuşmadım nazlı yara, Durdum dərdin bərəsində. Tanrı hər işdən halidi, Sözüm ellərin malıdı. Nəsib qırxların quludu, Əhli-hallar arasında. * * * Məni Bir gəlinin gözlərinin, Yağışı öldürdü məni. Baxışından çiçək yağır, Baxışı öldürdü məni. Bir naxışlı corab gətdi, Özü bir mərd qızı mərddi, Gözəlliyi əlamətdi, Alxışı öldürdü məni. Nəsib tez durdu ayağa, Gördü məclisdə bəy,ağa, Corabı geydim ayağa, Naxışı öldürdü məni. * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-nesib-geraylilar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1944). Public domain (author died 1944). Original text only.