Müxəmməslər Aşıq Nəsib (1874–1944) Eyləmə Bir yerə çox gedib gəlmə, aşıqlığı şor eyləmə, Hörmət ayrı, töhmət ayrı, öz işini zor eyləmə. Paraya heç meyil salma, can sözünü çor eyləmə, Yavaş danış, sakit dillən,səs-sədanı gur eyləmə, Yandırma özün odları, yatağını qor eyləmə. Aldınmı sazını ələ, elə çal ki, daş ərisin, Şirin-şirin söhbət eylə, düşün sən sözün gerisin. Nadanların,qanmazların, söz ilə çıxar dərisin, Ürəyinə neştəri sox,tamahkarın, həm hərisin, Dastan,hava,havacatı, sevənlərə xor eyləmə. Mən Nəsibəm eşit,oğul, yadında saxla sözümü, Bu dünyada şəyirdimsən, sənə tutmuşam üzümü. Yalan eləmə düzümü, ay İsgəndər, məni dinlə, Ağa "ağ" de, ala "al"de, işığı sənsən gözümün, Ustadından ötə keçmə, zil qaranı mor eyləmə. * * * Necə Davarişlər taladılar, Yaşlı-qoca demədilər. Savadlını tutdurdular, “Yoldaş”, “xoca” demədilər, Dinə hürüşdülər betər, Ona uca demədilər, İman-dinin sahibləri, Göz yaşını sildi necə! Elin bici, elin gici, Haqqı kökündən qazıdı. Deyirəm Şura “kişisi”, Quyruğu yanmış tazıdı, Urus-erməni qaynaşır, Ər xoş günə tamarzıdır; Bu gələn bir bic əyyamı, İli ağır ildi necə! * * * Vətən Kalvayı Məhəmməd ağa, gördü düşüb dara vətən, Kömək yoxdu, arxa yoxdu, qalıb baxtı qara vətən, Xalıd paşanı çağırdı, almasın min yara vətən, Pul verdi o, silah aldı, yurd olmasın sara vətən, Igidlərə xəbər verdi, yeriyin ərlər, yeriyin, Tüfəngləri hərləyərək, göstərin hünər yeriyin, Düşmən görsə boyunuzu, daldaya sinər, yeriyin. Alovun odun ağzından, qoy çıxsın kənara vətən. Məhmud ağa qabaqdadı, düşməni izləyən qlavuz, Qoşun nizamın saxlayan, onu gözləyən qlavuz, Kafirlərin qlavuzun, qəfil düzləyən qlavuz, Aslan kimi nərə çəkir, “olmaz para-para vətən”. Hacıvəli bir cəng atdı, ermənilər pərən oldu, Dağıldılar sərçə kimi, sanki qıran-qıran oldu. Qaçaq Usubun bu oğlu, bu döyüşdə ərən oldu. Yurd uğrunda öldü getdi,yenə düşdü dara vətən, Aşıq Nəsib nə görübdü, hamısını düz söylədi. Çoxusunu unudubdu, bəlkə hələ az söylədi. Mən deyirəm hacavatnan, saz səsləndi, saz söylədi. Yağı olan saqqat getdi, axır tapdı carə vətən. * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-nesib-muxemmesler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1944). Public domain (author died 1944). Original text only.