Deyişmələr Aşıq Pəri (1811–1847) Danış Aşıq Pəri Şairi-sənsən zəmanə, mərdi-meydandan danış, Əzbər eylə dildə dəftər, cövhəri-candan danış, Yeddi yerdir, yeddi göydür, yeddi əzbərdən sual, Yeddi məna, yeddi qüslü yeddi gövhər həm kəmal, Yeddi bürcdə yeddi ulduz, həşt cənnət bimisal, Yeddi rəkət, yeddi imam, yeddi ərkandan danış! Mirzəcan Sevmə sən əfsanəni, gəl, ey Pəri, yardan danış, Neylərəm üqba işin, sən kimi dildardan danış, Yeddi yerdən, yeddi göydən neylərəm etmək sual, Tapmışam bir mürşidi, kəsb etmişəm ondan kəmal, Çəkmənəm rizvan qəmin bu dünyada versən macal, Aşiqə cövr eyləyən yari-sitəmkardan danış! Aşıq Pəri Yetgilən Qüdsi-Xəlilə miqdis ilə mahrasa Əqlini təğyir etdi, aldı sərdən kəlisa, Əzbər eylə hər saətdə zikri-Məryəm həm İsa, Gah İncil, gah Cəm-cəm, gah ərkandan danış! Mirzəcan Tapmışam Qüdsi-Xəlili, mahrasanı neylərəm? Əldə təsbih ilə zünnarü əsanı neylərəm? Bu Pəri şeyda qılıb, həzrət Musanı neylərəm? Sevmərəm Tövrat, Zəburu, sən çalan tardan danış! Aşıq Pəri Tapdığın tərsa yoludur, eyləmə zövqü həvəs, Badeyi-gülguna təhsin etməsin nitqü nəfəs, Qaidə-qanun budur qalü bəladən xaçpərəs Çağırar İsa, kəlisa göftügu candan danış! Mirzəcan Məndə can yox, eyləmə səyi-əbəs, bica həvəs, Mürği-can pərvaz edib, cismim qalıb xali qəfəs, Gəl mənə zülm eyləmə, naləm salır dünyaya səs, Aləmi qərqə verən bu çeşmi-xunbardan danış! Aşıq Pəri Ey Pəri, oldu dili-şeyda rədifi-əlbəəl, Sən təriqətdən ötüb, ürfan yoluna qoy məhəl, Yəmdə mahi, göydə günbəd var Mərrixü Zühəl, Abi-heyvan, şaxi-tuba, baği-rizvandan danış! Mirzəcan Tapalı eşqin yolun bir böylə işi neyləriz? Əqlimiz heyran olubdur, dinü kişi neyləriz? Gəl edək zövqü səfa, molla-keşişi neyləriz? Mirzəcanı öldürən bu ah ilə zardan danış! * * * Mirzəcan ilə Aşıq Pərinin deyişməsi Mirzəcan: Mən ki öldüm, həsrətindən ey Pəri Canım alıb, o məstanə gözlərin. Yanında qəmzəsi, işvəsi, nazı, Hər dəm baxıb, afətanə gözlərin. Aşıq Pəri: Hər nə ki danışsan əfsanədəndir, Batacaqdır məkri-qanə gözlərin. Sən mənə rəqibsən, həmi naməhrəm, Sataşmasın zənəxdanə gözlərin. Mirzəcan: İstəmənəm seyraqəbin ülfətin, Çox çəkirəm sənin çünki möhnətin, Çünkü bilmiş ağlamağın ləzzətin, Qoy ağlasın, yana-yana gözlərin. Aşıq Pəri Təbib olan, yarə bağlamaq ilə, Eşq oduna cigər bağlamaq ilə, Kim vayə çatıbdır ağlamag ilə, Bicay yerdə doydu cana gözlərin. Mirzəcan: Əqlimi itirib, zayil olmuşam, Dərdindən başlayıb, sayil olmuşam, Aləm bilir sənə mayil olmuşam, Od salıbdır Maralyana gözlərin. Aşıq Pəri: Eşqin məstliyinden ayıl deyiləm, Hər nə ki danışsan, qayıl deyiləm, Leyli sifət, sənə mayil deyiləm, Məcnun kimi, nə divanə gözlərin. * * * Mirzə Həsən ilə Aşıq Pərinin deyişməsi Mirzə Həsən: Qönçə lətafətli, lalə üzlüsən, Məstanə baxışın, xumar gözlüsən, Şirin hərəkətli, şəkər sözlüsən, Yoxdur yer üzündə misalın sənin. Aşıq Pəri: Dad eylərəm: haray naşı əlindən, Yandı cigər eşq atəşi əlindən, Mən nə deyim gözüm yaşı əlindən, Üzüşür sonalar, göllər oynaşır. Mirzə Həsən: Etdikcə vəsfini Mirzə mükərrər, Təzələnib ruhum olur müəttər, Gülüstanda zülfün kimi müənbər, Nə süsənlər, nə sünbüllər oynaşır. Aşıq Pəri: Adam var dolanır məkrin içində, Adam var dolanır zikrin içində, Sənin kamalın da içində, Əcayib, qərayib hallar oynaşır. * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-peri-deyismeler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1847). Public domain (author died 1847). Original text only.