Gəraylılar Aşıq Pəri (1811–1847) Baxtım Nə müddətdir bu qəflətdən, Oyanmırsan, qara baxtım. Çəkdirdiyin əziyyətdən, Usanmırsan, qara baxtım. Atmısan ümmani-qəmə, Gülünə etmisən aləmə, Məni dərdə salıb yenə, Dayanmırsan, qara baxtım. Axıtdın sel tək qanımı, Üzmüsən cavan canımı, Almısan adü-sanımı, Utanmırsan, qara baxtım? Yaşayıram zəhmət ilə, Çətinliklə, zillət ilə, Sən Pəriyə hörmət ilə, Dolanmırsan, qara baxtım. * * * Zalim Şəcər dad əlindən Zalım Şəcər dad əlindən, Sən ha nahaq qan eylədin. Zülm ilə könlüm şəhrini, Gör necə viran eylədin. Saymadın sultanı, xanı, Eyləyibsən nahaq qanı, Badam kimi novcavanı, Yer ilə yeksan eylədin. Necə qıydın gülzarına, Pünhan keçən iqrarına, Saldın yollar kənarına, Dörd yanı al qan eylədin? Pərinin dərdi tüğyandı, Sakin yeri Maralyandı, Gülüm qönçəsində yandı, Bülbüllər əfqan eylədi. * * * Olsun Məni dərdə salan qonşu, Görüm üzün qara olsun. Danışıbsan yalan, qonşu, Görüm üzün qara olsun. * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-peri-geraylilar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1847). Public domain (author died 1847). Original text only.