Qoşmalar Aşıq Pəri (1811–1847) Ağlaram Şikayətim vardır, fələk əlindən, Fələk, mənə düşmən oldun, ağlaram. Qorxum budur, həsrət qalam yarıma, Fələk ilə düşmən oldum, ağlaram. Bizim ellər dağdır, daşdır, virandır, Qadir Mövlam, hər mətləbi verəndir, Bayırda qar, çovğun, dolu, borandır, Vətənimdən ayrı düşdüm, ağlaram. İgid odur, öz sinini gizləyə, Ciyərini kabab edib duzliyə, Rəvamıdır, Qərib burda gözləyə, Fələk ilə düşmən oldum, ağlaram. * * * Çanaqçı mülkündən səfər elədik Çanaqçı mülkündən səfər elədik, Mənə qənim oldu yollar, ağlaram. Şəcər gəldi, urdu, şikar eylədi, Tökər didələrim sellər, ağlaram. Nagahandan böylə düşdüm dərdə mən, Necə çəkim eşq üzünə pərdə mən? Gözü yaşlı gəldim Tağaverdə mən, Pərişan olubdur tellər, ağlaram. Bir şahandaz şahbarım gedibdir, Kəsilibdir ixtiyarım, gedibdir. Köksü dağlı bir tavarım gedibdir, Quruyub lal olub dillər, ağlaram. Bir Pəri dil aramında qan ağlar, Çəkilib sinəmə dügünlü dağlar, Ölübdür bülbülüm, lal olub bağlar, Saralıb-sovulub güllər, ağlaram. * * * Dünya, sənin etibarın yox imiş (Mirzəcanın vəfatı münasibətilə) Dünya, sənin etibarın yox imiş, Bir xəbər ver, Mirzəcanı neylədin? Neçə bəylər ilə, neçə xan ilə, Göftarı xoş, əhli-canı neylədin? Neçə şəhr üstünə cəng edib savaş, Cari olub sel yerinə qanlı yaş. Fələk, etdin taci-təxtini taraş, Nökər, nayib, xanimanı neylədin? Puç dünya, səndə bir yaranan hanı? Günbəgün artırdın şövkəti, şanı, Tiflisin sağ əli, sərdarın canı, Viran qoyub Dağıstanı, neylədin? O fələkdir göyü, yeri dağlayan, Əzəl şad eyləyib sonra ağlayan, Sinəsində şer kitabı bağlayan Sahibi-huş, gövhər kanı neylədin? * * * Eşitmişdik, qulluğuna yetişdik Eşitmişdik, qulluğuna yetişdik, Gördük ki, düşmüsən dildən-dilə sən. Unutmayıb müsəlmanlıq şərtini, Matəm tutub bir insafa gələsən. Bu işdə Qədirin varıdır rayı, Yetən kəslər ona deyir sevdayı Aralığa düşüb məhərrəm ayı, Layiq deyil onda deyib-güləsən. Yaxşı yetər imamı fəryadına, Belə işin ləzzəti nə, dadı nə? Adam bildik biz də gəldik adına, Adamlığı qanmayıbsan hələ sən. Ey Pəri, təcil et sualında sən, Nöqsan yetiribsən kəmalında sən, İmdi zurna çalmaq xəyalındasan, Onu gərək axirətdə çalasan. * * * Mürşidi-kamildən dərsimi aldım Mürşidi-kamildən dərsimi aldım, Can götürüb bu meydana gəlmişəm. Mürği-Səməndərin aşinasıyam, Od tutuban yana-yana gəlmişəm. Müxtəsər, nə deyim, naşısan, naşı! Tutubdur yaxanı eşqin ataşı, Bu tərifqər zənənə nə yaraşı, Həqq bilir ki, mən mərdana gəlmişəm. Pünhanıda bir azarım var mənim, Gözlər yolda, intizarım var mənim, O kəlməndən xəridarım var mənim, Sən sərrafsan, mən də kana gəlmişəm. Zənbur olar şanda belə məkanda, Çox ariflər mandə gənci-pünhanda, Bülbül - abadanda, bayqu - viranda, Əndəlibəm, gülüstana gəlmişəm. Pərizadə əl götürməz canından, Dərsin alıb sahibkamal yanından, Külli-işin mərifətin kanından, Bəzm içində mən fəğana gəlmişəm. * * * Sənin Nə yatıbsan ləhaf bəstər içində, Bimarmısan, nədir bəs halın sənin? Eşqin mərəzinin mən təbibiyəm Bəyan eylə mənə əhvalın sənin. İsmi-şərifiniz dada yetişsin, Mətləb alıb hər murada yetişsin. Xaliq özü bir imdada yetişsin. Hifzində saxlasın zavalın sənin. Bar ilahım gülzarına qıymasın, Xəstə olan bimarına qıymasın, Şirin-şirin göftarına qıymasın, Bağışlasın qaşi-hilalın sənin. Bir məsəldir: Bağban olan bar çəkər, Əndəlibin həm meyli gülzar çəkər, Allahına bəndə ahü zar çəkər, Qəm çəkmə, kamildir kamalın sənin. Mən Pəriyəm, eşqə zaram neyləyim, Dərdi-dildən xəbərdaram, neyləyim, Burdan ora intizaram, neyləyim, Şəfalansın nuri-vüsalın sənin. * * * Oynaşır Katiblərin şahı dəftər içində Qələm ilə nazik əllər oynaşır. Fitnəli, fellisən, nazü-qəmzəli, Dəhanında şirin dillər oynaşır. Eşqinin əlindən gedərəm bada, Dərdim olur gündən-günə ziyada, Şivəyi-rəftarın düşəndə yada Bağrımın başında millər oynaşır. Dad elərəm, haray naşı əlindən, Yandı cigər eşq ataşı əlindən, Mən nə deyim gözüm yaşı əlindən, Üzüşür sonalar, göllər oynaşır. Adam var dolanır məkrin içində, Adam var dolanır zikrin içində, Sənin kamalında, fikrin içində Əcaib-qəraib hallar oynaşır. Pəriyəm, xəlq ara olmuşam bacı, Kimsənin kimsəyə yox ehtiyacı, Bəlxü Buxaranın, Hindin xəracı Zənəxdanda siyəh xallar oynaşır. * * * Sevdiyim Ruşən gecəsində, xoş bir saatda, Namə gəldi bu səhrayə, sevdiyim. Yaxşılıq yazılsa yaman dəftərə, Nə deyərsən bu binayə, sevdiyim. Hər qul öz yerinin bünyadı olu, Oxuyan kəslərin savadı olu, Dərdlinin fələkdən amadı olu, Minnət elər bu dünyayə, sevdiyim. Ərzi tulanidi, bu müxtəsəri, Çoxları eşqdən olub sərsəri. Anlayıb əhli-dil olandan bəri, Ömür baqi getdi zayə, sevdiyim. Ey Pəri, müxtəsər bir cavab elə, Şayəstədi rücu edə aqilə, Rəqiblər danışır inqilab ilə, Qoşulmaram mən hərcayə, sevdiyim. * * * Sənə Bitəqsirəm, yoxdu mənim günahım, İndi belə qalıb ixtiyar sənə. Sən rəqibin cəmiəti tapıldı, Qaldım hər tərəfdən bir əğyar sənə. Mən fəqiri bəsləmisiz arada, Dadirəsim1 bunca yetişsin dada, Vəsfıni söylərəm həddən ziyada, Heç əskik olmasın mülk, tavar sənə. Heç olmasın rəqib, gəlməsin əğyar, Gecə-gündüzlü çəkərəm ahu-zar. Tapmamışam hələ yari-vəfadar, Vaxtikən eylərəm xəbərdar sənə. Qasid gəlcək dərdi dilin bilmişəm, Möhnətilə didəm yaşın silmişəm, Vara-vara Çanaqçıya gəlmişəm, Mən necə bağlayım etibar sənə. Can içində mən bu canı neylərəm, Ləli-Yəmən, bədəxşanı neylərəm, Xanı, bəyi, mən paşanı neylərəm, Pəriyəm, eylərəm dualar sənə. * * * Şayistədir, ey murşidi-kamilim Şayistədir, ey murşidi-kamilim, Dostlar arasında etibar ola. Şair olan ustadından dərs ala, Ziddü-cinsü rədifdə pərgar ola. Sən ki bizə namə yazdın ibtida, Canı dost yolunda eylədim fəda. Övsafi-aləmdə yektadır, yekta, Mələk hicranında bərqərar ola. Cəvabi-xəttindən olmuşam xoşhal, Ərz eləyim qulluğuna vəsfi-hal, Şən ilə şövkətin olsun bizaval, Gərək xidmətində xidmətkar ola. Mayiləm hüsnünün xoş irənginə, Yetə bilmən təcnisimin dənginə. Sallam səni məhşərin cəhənginə, Arif bu yerlərdən xəbərdar ola. Pəri idim eşq içində aşikar, Aralıqda yaxşı olur səbəbkar, Bu cəng meydanında eylərəm şikar, Əgər Məhəmməd tək səd həzar ola. * * * Yoxumuş Xaraba qalasan, Tiflis şəhəri, Heç səndə oynayıb-gülən yoxumuş. Bülbül susub, bağ pozulub, gül solub, Yad bağların etibarı yoxumuş. Mən gedirdim, dostum çıxdı qabaqdan, Acı sözün salmaz, məni damaqdan, Bizim güldən, yad güllərə qonmaqdan, Yad sonanın etibarı yoxumuş. Aşıq Qərib gəlməyinnən yad oldu, Sınıq könlüm məlul oldu, şad oldu, İstəkli dilbərim bizdən yad oldu, Yad sonanın etibarı yoxumuş. * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-peri-qosmalar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1847). Public domain (author died 1847). Original text only.