Dastanlar Aşıq Şenlik (1850–1913) Məhəmməd və Güldənə Ərbahan çayının yanında Reyhan bağının ətəyində Camqara kəndi var idi. Həmin kənddə Xəlil ağa adlı bir nəfər yaşayırdı. Onun uşağı olmurdu. Bir kişi də uzaq yerdən gəlib həmin Xəlil ağaya nökər olmuşdu. Gün keçdi, ay keçdi həmin kişinin bir oğlu oldu, adını da Məhəm məd qoydular. Aradan iki il keçdi, Xəlil ağanın bir qızı oldu. Ailədə şadlıq elədilər. Aradan az keçməmiş Məhəmmədin atası öldü. Anası on yaşına kimi onu saxladı. Sonra o da vəfat etdi. Qürbət eldə qohum yox, qardaş yox, Məhəmməd sahibsiz qaldı. Nəhayət, 20 yaşı tamam oldu. Xəlil ağanın qızının adı Güldənə idi. Məhəmmədlə Güldənə bir-birini pünhan olaraq canı-dildən sevmişdilər. Məhəmməd elin dana-quzusunu otardığı dərədə həmişə Güldənə ilə görüşüb danışardı. Bunu Xəlil ağaya xəbər verdilər. Xəlil ağa xəncər qurşanıb atı minərək Məhəmmədin yanına gəldi. Uzaqdan Məhəmmədi söyüb üstünə gələndə Məhəmməd bir yekə qayanın üstünə çıxıb qışqırdı. Bunu üç nəfər atlı görüb Xəlil ağaya dedilər ki, Xəlil ağa, onun günahı nədir öldürürsən. Xəlil ağa hirsli-hirsli dedi: -Hələ baxın , özünə çörək tapmır mənim qızımı istəyir. Kişilər Xəlil ağanın danladılar. Məhəmmədə də tapşırdılar ki, bir də elə iş tutmasın. Aradan çox keçmədi ki, Güldənəyə Rəsul ağa elçi göndərdi. Xəlil ağa qızı verdi. Toy tədarükünə on gün vaxt qoyuldu. Məclisi aparmağa Aşıq Şenlik dəvət olundu. Toya üç gün qalanda Güldənə beş nəfər öz rəfiqəsini yığıb Ərbahan çayının ətrafında gəzməyə çıxdı. Bulağın başında canbir qəlb rəfiqəsini bir sakit guşəyə çağırıb dedi: -Bir neçə söz deyəcəm, onu Məhəmmədə çatdır. Aldı görək nə dedi: Qan-yaş töküb bu dünyada, Salırsanmı yada məni. Olmayaydı belə ata, Çuladılar yada məni. Əsən yellər qara əsdi, Çəkəmmərəm, bu dərd bəsdi, Molla gəldi, nikah kəsdi, Qaladılar oda məni. Güldənə bu dərdə dözməz, Fələk belə yazı yazmaz, Sənsiz bu dünyada gəzməz, Qoy axtarsın ata məni. Kağızı yazıb öz sirdaşı Səlbiyə verdi. Səlbi kağızı alıb cibinə qoydu. Qızlar yeyib-içib evlərinə dağılışdılar. Səhəri Səlbi dana-quzunu örüşə bir az gec apardı. Məqsədi xəlvətcə kağızı Məhəmmədə vermək idi. Səlbi Məhəmmədin kimi olduğunu soruşdu. Məhəmməd “ata yox, ana yox, qohum-əqrəba yox, bir tək mən o da belə, neyləyim”-dedi. Səlbi Güldənənin məktubunu Məhəmmədə verib onu sevindirdi. Məhəmməd namədən agah olub Səlbiyə dedi: -Səlbi, qadan alım, bu sirri bir kimsə bilməsin. Amma bir kağız götür, nə desəm onu yazıb Güldənəyə çatdır. Aldı Məhəmməd: Ala gözlü mənim yarım, Atmaq olmaz yada səni. Sənsən mənim intizarım, Necə verim yada səni. Atam yoxdu elçi gedə, Anam yoxdu sinə didə, Hər yaramaz gədə-güdə, Əl atıban tuta səni. Məhəmmədəm qan ağlaram, Bağrımın başın dağlaram, Mən Allahı çağıraram, Yetirsin murada məni. Həmin gün yenə qızlar seyrəngaha çıxdılar. Səlbi kağızı gizlindən Güldənəyə verdi. Güldənə namənin məzmununu başa düşüb daha yaşamaq istəmədi. Ərdahan çayının daşan vaxtı idi. Güldənə çay uzunu gəzib qızlara dedi ki, qulaq asın, qızlar, ürəyim elə doludur. Yanıqlı-yanıqlı dedi: Eləmi bir çəməni, Gəzərəm bir çəməni, Gəlin halalın verin, Görməzsiz bir də məni. Qızlar dedi: Ay qız, nə deyirsən o qədər uzağa gedən olur ki, nişanlın da varlı adamdır. Güldənə dedi: Eləmi solar keçər, Gül açar solar keçər, Sevgisinə çatmayan, Yaşamaz, ölər keçər. Qızlar yenə dil-ağız elədilər. Güldənə bir də dedi: Eləmi Ərdahandan, Çay gəlir Ərdahandan, Yaşama, ay Güldənə, Alırlar canı candan. Qızlar ona, “ağlına gələni danışma” - dedilər. Güldənə: “Vətən şirindir” - deyib asta-asta körpüyə çıxdı. Oradan da bir daşın üstünə atılıb “eşidin qızlar” - dedi: Başına döndüyüm Ərdahan çayı, Aparırısan hansı diyara məni. Cəsədmi dolandır sellər içində, Ölmüyncə atma kənara məni. Özümü qayadan atanda qərq et, Əlimlə daşlardan tutanda qərq et, Cəsədmi cəsədlə çatanda qərq et, Qoyma döşəyimdə fuqara məni. Güldənə xanımı eyləmə ibrət, Atamla anamı bulmasın cənnət Çəksin həsrətimi oğlan Məhəmməd, Salsın dildən, - dilə sorağa məni. Güldənə özünü çaya atdı. Qızlar ağlaşıb o yan-bu yana qaçdılar. Bu səsi eşidib yaxınlıqdan keçənlər qaçıb gəldilər. Özlərini suya vurub Güldənənin çıxartdılar. Onu başı üstə ağacdan asdılar. Güldənə xeyli vaxtdan sonra özünə gəldi. Kəndə xəbər çatdı, el töküldü. Həmin xəbər gələn vaxt Şenlik də məclisin içində idi. Hamı Güldənənin boğulduğu yerə gəldi. Hamıdan qabaq anası Kübra qızına sarılıb belə dedi: Başına mən dönüm Ərdahan çayı, Niyə saldın bu balamı, bu hala, Bu mənim dünyada bircə balamdı, Niyə saldın bu balamı bu hala. Saçlarım ağzımda qarğış eylərəm, Balasız dünyada malı neylərəm? Məhşər günü haq-divanda söylərəm, Necə kəsdi nəsimimi bu bala. Mən Kübrayam, halım oldu çox yaman, Yaradanın özü qoy versin iman, Xəlil ağa bir gün vermədi aman, Niyə saldın bu balamı, bu hala. Məhəmməd çöldə gördü ki, el Ərdahan çayına doğru tökülür. Xəbər aldı, dedilər: - Xəlil ağanın qızı Güldənə özünü suya atıb. Bunu eşidəndə Məhəmməd ağlayıb dedi: Yar yanına gedən əziz qardaşlar, Verin yar yolunda sadağa məni. İstəməm yaşamaq yardan ziyadə, Verin yar yolunda sadağa məni. Tutunum tutmamış ağrıdı başım, Hələ iyirmiyə çatmadı yaşım Qaralar bağlasın yarım, yoldaşım, Verin yar yolunda sadağa məni. Siz agah sözümə eyləyin səbir, Bizim ikimizə bir qazın qəbir, Məhəmmədəm, mənim məqsədim budur, Verin yar yolunda sadağa məni. Məhəmməd belə deyəndə Xəlil ağanın və Rəsul ağanın adamları istədilər ki, Məhəmmədi öldürsünlər. Kərəm adlı bir oğlan sinəsini qabağa verib dedi: - Bu yazığın heç kimi yoxdur və heç bir günahı olmayıb. Qızın da ona görə özünü suya atıb. Sizin bunu öldürməyə heç haqqınız yoxdur. O, Məhəmmədin əlindən tutub Güldənənin olduğu yerə gətirdi. Məhəmməd Güldənənin bu vəziyyətdə görüb yanıqlı-yanıqlı dedi: Yığılan qonşular, gələn qardaşlar, Həbib kimsə dərdə dərman eyləsin. Bu dünya fanidir kimə qalacaq, Bu cavandır, el-obamız ağlasın. Könül dərgahında, əlim duvada, Səbəb olan heç gülməsin yuvada, Mənim ahım heç qalarmı dünyada, Həbib olan yaralarım bağlasın. Güldənə dərdindən düşdü çaylara, Qalmaz ahu-zarı həftə aylara, Dumanım başımdan çıxdı göylərə, Yazıq canım bu sitəmə neyləsin. Fələk bu Xəlilin başından vursun, Kor olsun gözləri, ürəyi dursun, Xar olsun dünyada, el-oba gülsün, Hər kim görsə divanlarda söyləsin. Yazığam sözümə bir qulaq asın, Güldənə, Məhəmməd buna neyləsin, Yar dizinin üstündə başımı kəsin, Aşıqlar dastanda məni söyləsin. Kərəm irəli durub “Güldənə Məhəmmədindir” - dedi. Hamı razı oldu. Güldənənin bədənini bir qədər sıxdılar, ağzından xeyli su getdi. Güldənənin ağlı başına gəldi. Kərəm irəli yeriyib qızın əlini Məhəmmədin əlinə verdi. Bu, məclis əhlinin ürəyindən oldu. Aşıq Şenlik sədəfli sazını dilə gətirdi. Xəlil ağa, sənin boynun qırılsın, İnsan balasına düşmən olarmı? Ürəyin dayansın, qanın qurusun, İnsan balasına düşmən olarmı? Bunları yazıbdır yaradan kişi, Verməsən olarsan naşıdan naşı, Allah salsın sənin başına daşı, İnsan balasına düşmən olarmı? Şenlik bu dastanı görəndə yazdı, Gözəlin irəngi solanda yazdı, Məhəmməd üstünə gələndə yazdı, İnsan balasına düşmən olarmı? Kərəm Məhəmmədi qardaş əvəzi evinə gətirdi. Üç-dörd gün Məhəmmədə toy çaldırdı. Aşıq Şenlik məclisi apardı. Cavanlara xeyir-duva verdi. * * * Aşıq Şenliyin Mumuxan səfəri Mumuxanda Gülnaz adlı bir dul arvad yaşayırdı. Gözünün ağı qarası Nəcəf adlı bir oğlu var idi. Nəcəf böyüyüb həddi-buluğa çatmışdı. Nəcəf bu kəndin ağası Tağının qızına aşıq olmuşdu. Di gəl ki, Tağı varlı olmasına baxmayaraq həm tamahkar həm dəki, insafsız bir kişi idi. Tağı eşidəndə ki, qızı Eminə Nəcəfə söz verib könül bağlayıb daş atdı başını tutdu. Tağının qapısına elçi məqsədilə kəndin ağsaqqalları çox gəldi-getdi, amma bu işdən bir şey çıxmadı. Gülnaz arvad baxdı ki, oğlu günbəgün geriliyir. Naləc qalan Gülnaz axırda Aşıq Şenliyə bir məktub yazdı və kağızı oğluna verib dedi: - Oğul qış vaxtıdı.Amma bu kağızı gərək Aşıq Şenliyə əlbəl verəsən. Nəcəf çox qoçaq oğlan idi. O kəhər atına minib üz tutdu Çıldıra tədəf. Aşıq Şenliyin oğlu Namaz qapının qarını təmizləyirdi.Bir də gördü ki, bir atlı qan tər içində çaparaq bunlar tərəfə gəlir. Ay qardaş bu ev Aşıq Şenliyin evidirmi. Elə düz gəlmisən.Buyur atdan düş qonağımız ol. Yox sağ ol. Aşıq Şenliyinə bir məktub gətirmişəm.Sən onun nəyisən Oğlu. Bu məktubu ona ver Namaz məktubu aldı. O saat atlı atının başını Ağbaba istiqamətinə çevirdi. At ildırım kimi qış dumanının içində yoxa çıxdı.Namaz bir atın dalınca birdə ki, əlindəki məktuba baxıb içəri keçdı. Gördü babası yəni Aşıq Şenliyik sazını kökləyir.Qasımda xeylax aralıda oturub. Dedi Ay baba sənə bir kişi bu məktubu verdi Məktuf? Kimnəndi? Bilmirəm. Aç oxu görüm nə yazılıf -Baba məkufu Mumuxanlı Gülnaz şerlə yazıb, deyən səni deyişməyə çağırır. Aşıq Şenlik. O kağızı ver Qasım oxusun. Görək Gülnaz Aşıq Şenliyə nə yazıb. Biz deyək Allah Sizləri xoşbəxt eləsin Birim gedif, birim qalıf yerində, İkiliyim, madarımı deyirəm. Bir danadı, bir inəkdi, üç keçi, Olan-qalan öz varımı deyirəm. Biri alıf məni ağzı yoxuşa, İnanmıram, məcrasına sığışa, Alıf məni boran-qara, yağışa, Yox eyləyir ilk barımı deyirəm. Mən Gülnazam kimsənəm yox, kimim yox, Boğuluram qəm gölündə, gəmim yox. Aşıq Şenlik güman səndə yaxşı bax, Tez gələrsən qərarımı deyərəm. Bəli söz tamama yetdi. Aşıq Şenliyk Namaza baxıb güldü, döndü Qasım tərəfə. Qasım Alaşıyı yəhərlə. Mumuxana gedirəm. Gülnaz arvadın ümid yeri mənəm. Namaz baba bəlkə səhər gedəsən Aşıq Şenliyik elə bu dəqiqə yola düşürəm. Aşıq Şenlik Mumuxanda Gülnazın evini xəbər aldı və atını düz ora sürdü. Gülnaz o saat Aşıq Şenliyi tanıdı və onu içəri dəvət etdi. Bir xeylax söhbətdən sonra Aşıq Şenlik Tağının qapısına elçi gedəcəyini bildirdi. İki-üç nəfər ilə Aşıq Şenlik Tağı kişinin qonağı oldu. Aşıq Şenlik: - Kişi gəl daşı ətəyindən tök qızı Nəcəfə ver.Onlar bir-birinə könül verib. Aşıq Şenliy sənə mənim canım qurban mənim varlı-hallı dostlarım var axı. Kişi belə deyəndə Aşıq Şenliy hirsləndi sazını köynəkdən çıxarıb, zili-zil, bəmi- bəm yerində aldı görəl nə dedi: Xeyir işdi, xeyirli iş gəl danış, Dövlət-vardan, pul-paradan danışma. Sevən sevib, seçən seçib bilirsən, Xəbərin yox, ağ-qaradan danışma. İşin pisdi salsan yerə sözümü, Qız atası gülüş etmə özünü. Axır kişi pul tökəcək gözünü, Seldən sudan, qarqaradan danışma. Qul Şünliyəm el içində adım var, Həmdəmim var, qohumum var, yadım var. Yandıraram, alovum var, odum var, Divan qurar ol Yaradan danışma. Söz tamam yetdi, görək bu yerdə Tağı nə dedi Aşıq Şenliyik indi qışdi. Qoy yaz gəlsin baxarıq. Aşıq Şenliyik:- Tağı gəl qabağıma kötük dığırratma. Tağı baxdı ki, pis yerdə ilişib.Ürəyində Gülnazın dədəsinə söydü.Tağı artıq başa düşdü ki, onun qapısına Aşıq Şenliyik gəlib, qızı verməsə Ağbabada biabır olacaq. Odur ki, görək aldı Aşıq Şenliyə nə dedi: Ətdik üçün yeddi cöngə, yeddi qoç, Gətirərsən, gətirməzsən, toydan keç. Ucuz şeydən, kasıflıxdan uzaq qaç, Boyunbağı, kəmər, qolbağı istərəm. Bəzək-düzək, qızıl-gümüş olmalı, Qohumlara yaxşı xələt almalı, Şirin olar, həm iştaha, bəy malı, Doqquz batman inək yağı istərəm. Altun olsun dingəsində pərəhlər, Pirçəklikdən keçirilsin hörühlər. Demirəm ki, qızıl olsun dirəhlər, Dediklərim olsun nağdı, istərəm. Aşıq Şenliy bir sazına baxdı, bir Tağıya qaldı məttəl. Yaxşı Tağı mən razı. Amma sənin bir belə var-dövlət nəyinə lazımdı. Mən səhər İbişlı Hamza ağaya, Qranamazdan Cabbar ağaya, Oxçoğlundan Məmməd ağaya, Samağoydan Dursun bəyə deyəcəm sənin bu dediklərini gətirsinlər. Bəlkə gözünün qurdu ölə. Tağı bu sözləri eşidəndə səhvliyini başa düşdü, amma özünü o yerə qoymadı, başını aşağı salıb qımışdı. Çıldır-Ağbaba Ozan-Aşıq məktəbinin banisi Aşıq Şenliyik aldı görək bu yerdə Tağıya nə dedi. Allah sizləri xoşbaxt eyləsin. Tağı kişi cöngə-qoçu neynirsən, Öz sürünə, naxırına, nə gəlif.! İnsaf eylə qan qaraltma arada, Axarına, baxarına nə gəlif.! Qızıl-gümüş, malı-dövlət pul səndə, Tamah səndə, iştah səndə, hal səndə, Buğa səndə, cöngə səndə, kal səndə, Gəlirinə, çıxarına nə gəlif.! Şennih deyər, salma özün nəzərdən, Bala tutar qurtarmazsan azardan, Xeyir işdi, mal alırsan bazardan ? İsbahana, ağırına nə gəlf.! Söz tamam yetdi. Tağı kişi ölmədi ki, ölə, amma Aşıq Şenliyik hirslənmişdi, dübarə sazı bağrına basdı görək bu yerdə aldı görək nə dedi: Mənəm demə, bu dünyada evinə talan gələr, Şöhrət tutuf gözlərini, dilinə yalan gələr, Nə var-dövlət, qızıl-gümüş, mal verəsən xeyri yox, Diz çökdürər, bağrın yarar, canını alan gələr. Can quşunu alan olmaz qara atın əlinnən, Yanar cismin külə dönər aloy odun əlinnən. Qəm yesə də əslizatlar, əsli qıtın əlinnən, Boz atın da, boz donunda hər qeydə qalan gələr. Qul Şenniyəm-haqqın qulu, eşitməsən sözümü, Soxarsan yerə başını, heç eylərsən özünü. Nikqızlıxla tamahkarrıx kor eyləyif gözünü, Dediyimi annamazsan, belinə palan gələr. Söz tamama yetən kim Tağı kişi durub Aşıq Şenniyin əlindən öpdü.Mən qızımı Nəcəfə verməyə hazıram. Amma sən Allah bu sözləri başqa yerdə oxuma.Heç nə lazım deyil.Toyun xərci məndən toyu aparmaq isə səndən olsun. Aşıq Şenniy idi buna sözün nədi. Bəli beləcə razılığa gəldilər. Payız oldu Aşıq Şenniy Nəcəf ilə Eminənin toy məclisini özü apardı.Nəcəf və Eminə xanım şad fürəvan Ağbabanın Mumuxan kəndində yaşamağa başladılar. * * * Aşıq Şenliyin Güllübulaq səfəri Bir gün Ağbabanın Güllübulaq kəndində varlı bəylərdən birinin toyu idi. Toya Aşıq Şenliyi də dəvat etmişdilər. Amma toyu Güllübulaq kəndinin dilli-dilavər cavanı Nəsib aparırdı. Nəsibin ustadı Göləli İbrahim öləndən sonra onun işləri yarımçıq qalmışdı, odur ki, o hələlik aşıq adına layıq göülməmişdi. Amma bu məclisə Xırtızdan, Sağamoydan, Qarzaxdan, Çıldırdan, Qarsdan və Gümrüdən bəylər, ağalar gəlmişdilər.Belə bir ağır məclisdə Nəsibin saz götürməsi Çaldan gələn Aşıq Mamoşa təsir etmişdi. Odur ki, Aşıq Mamoşu sakitləşdirmək üçün Pirəli adlı birisi Nəsibin haqq aşığı olduğunu söylədi. Amma Aşıq Şenlik saz əlində məclisdə o başa, bu başa gedib dövran etdiyindən hər ikisi sakitləşdi. Beləcə bir xeylax vaxt keçdi, amma Mamoş Aşıq Şenlik çay içməyə əyləşəndə ona tərəf gəlib dedi: -Usta Şenlik səndən bir xahişim var, amma gərək yerə salmayasan. -Buyur, buyur: -Səninlə gizli işim yoxdu. Bu məclisdə Pirəliynən sözüm oldu, o elə dedi, mən belə. -Kişi sözünü aşıq de, -Bilmirəm Nəsibi eşitmisənmi. Deyirlər o haqq aşığıdı. Deyirəm icazə versən Nəsib çıxsın meydana, həmdəki Pirəlinin Malaş adlı atına bir tərif desin. -Aşıq Şenlik:- Çox yaxşı, Nəsib kimdi burdadırmı, bir qabağa gəlsin. Nəsib camaatın içərisindən çıxıb qabağa gəldı və ədəb ərkanla Aşıq Şenliyi salamladı.Şenlik onu görəndə qanı qaynadı, amma özünü o yerə qoymadı, işin axırını gözlədi. -Aşıq Şenlik: Cavan oğlan qorxma, sazını götür gir meydana aşıqlığın isbat olsun. Nəsib sazı sinəsinə basıb üzünü tutdu Mamoşa, görək burda nə dedi. Biz deyək sizlərin də canı sağ olsun. Dad eyləyir şir arvadın əlindən, Baş yarılıb, üz cırılıb, nə deyim. Əyal olan təpik atır ərinə, Qədd əyilib, bel qırılıb, nə deyim. Əzəl gündən bu ər olan küt olub, Arvad zalım, kişi ölü pit olub, Qocaldıqca arvad dönüb it olub, Ney kürlənif, kef duruluf, nə deyim. Mən Nəsibəm yalan gəlməz dilimə, Düz söylərəm lap getsəm də ölümə, Yazıx kişi dözür dərdə, zülümə, Yoldan gəlif bərk yoruluf, nə deyim. Soz tamama yetdi, amma camaatın içərisinə bir gülüşmə düşdü gəl görəsən. Pirəli irəli çıxıb dilləndi: Bir Pirəlinin atı Malaşada tərif de. Nəsib sazı yenidən sinəsinə basdı, görək burda nə dedi. Yerişdə eşşəkdi, yoxdu surəti, İştahası yaman çoxdu Malaşın. Yazıx sahibini yollarda qoyur, At kimi hünəri yoxdu Malaşın. Yoxuşda tərpənməz, getməz irəli, Sel – su görəndə gözü pərəlir, Arpa verən kimi sanki dirilir, İnanmakı qarnı toxdu Malaşın. Domuşa-domuşa gəzir dolanır, Ha yesə-işsə də ürək bulanır, Nəsif tək Pirəli oda qalanır, Dedim tərifini, baxdı Malaşın. Söz tamama yetən kimi Pirəli Nəsibin alnından öpdü. Aşıq Şenlik Nəsibi daha da yaxından öyrənmək üçün dedi: -Nəsib, bir özün haqqında da bir şey de, görüm kimsən, nəçisən. Nəsib sazı birdə sinəsinə basdı, amma Nəsibin çalıb-çağırması Şenliyin xoşuna gəlmişdi. Hə görək Nəsib ustad qarşısında nə dedi. Ustadım öldü, yenə qaldım ortada, Yarımçıxdan aşıx olmaz neyləyim, Şəyirtdiyə kimə gedim bilmirəm, Hər yetişən sözüm almaz neyləyim. Sinəm dolu, nəbalədəm yollara, Mən naşıyam dərdə, qeyri-qallara, Tanrı özü kömək olsun qullara, Kimsə məni yada salmaz neyləyim. Qəza vurdu yetim qaldım atadan, Könül evim qurtararmı xatadan. Xəbərim var Ərginədən, Otadan, Yazıx Nəsib belə qlmaz, neyləyim. Söz tamama yetən kimi Şennik üzünü Nəsibə tutub dedi: -A bala mənim çox xoşuma gəldin........ Gəlsənə bir elə burada yüngülvari deyişək. -Mən razı. -Onda qabaxcaq mən başlayıram. -Buyur,usda Görək bu məclisdə Aşıx Şenlik nə dedi. Aldı Aşıx Şenlik: -Dərdin nədi, oğul, bala, Eşqin ataşı səndədi. Aparıflar üzüyünü, Üzüyün qaşı səndədi. Aldı Nəsib: Qədərim pis, özüm xəstə, Təbibim bulunmur mənim. Yar-yaımçıx qalmışam mən, Qaydıma qalınmır mənim. Aldı Aşıx Şenlik: Allahın tutuf bəlası, Kimin var yerdə qalası, Bir gözəlin ah- nalası, Gözünün yaşı səndədi. Aldı Nəsib: Ürəyim yaralı qalıf, Allahım verdiyin alıf, Qonçə gülü əğyar çalıf, Qisasım alınmır mənim. Aldı Aşıx Şenlik: Şennih səni çox bəyəndi, Yerindədi misra-bəndin, Bir dünya görənsən kəndin, Sözlərin başı səndədi. Aldı Nəsib: Ustadım Göləli İbraham, Fəryadam, naləyəm, aham. Nəsivəm əlində yaxam, Düyünüm çalınmır mənim. Söz tamama yetdi,amma Aşıx Şenlik üzünü Nəsivə tutub dedi: -Sən əyləş, oğul amma mənim sənə bir iki sözüm var. Ağbab-Qars və Çıldır aşıq məktəbini banısı Aşıq Şenlik baba görək burada nə dedi. Dərd eyləmə cavan oğlan, Ər gələn haqqdan gələr, Günlər ötər bircə-bircə Qaradan-ağdan gələr. Qovun-qarpız bostandadı, Meyvələr bağdan gələr, İsti-xəfə aran yerdən, Sərinlik dağdan gələr. Yetimliyin ayıf deyil, Qəlbin olsun çox geniş. Ərin yolu yoxuş olar, Orda çox olmaz eniş: Yüz kərə qəmə batarsan, Şad olarsan bir dönüş, Sözün safı ən lətifi Ürəyi sağdan gələr. Qul Şenliyim düz söyləyir, Həqiqəti düz deyir, Haqqı sevər, aqilləri Tərif edər, yüz deyər. Yaxşı olar axrın sənin, Tanrı: “bəndəm döz” deyər, Yol açılar, sədan sənin, Soldan həm sağdan gələr. Bəli, söz tamama yetdi. Aşıx Şenlik elə o gündən Nəsivi şəyirtdiyə götürdü. Məclis başa çatandan sonra Aşıx Şenlik Nəsivi götürüb Çıldıra tərəf yola düşdü. * * * Aşıq Şenliyin Canbaz qızı rəvayəti Aşıq Şenlik təzə evlənmişdi. Baharın gözəl vaxtı idi. O sazını götürüb Canbaz yaylasına tərəf üz tutdu. Aşıq Şenlik yaylağa çatanda gördü ki, hər tərəf gül-çiçəyə bələnib, mal-qoyun sürüləri isə Canbaz yaylasının döşünə yaylıb. O nazık cığırla bir alaçıq ev tərəfə irəliləməyə başladı. Gördü ki, alaçıqdan bir qız çıxdı. Elə bil bu zalımın balasının üstündən yel əsməyib.Müxtəsəri görəni həmayıl eylər. Gözləri elə qaynayır, elə qaynayır, daha demə, elə “öldürrəm-öıdürrəm” deyir. Aşıq Şenlik qaldı belə... Ayə bu qız kim ola, kim olmaya...... Canbazın adlı-sanlı ağalarından birinin qızı. Qızın başında araqçın əynində qırmızı don, belində gümüş kəmər var idi. Kəmərindən balaca gümüş qınlı xəncər sallanmışdı. Aşıq Şenlik bu gözəlliyi görüb nə irəli nədə ki, geri gedə bilmirdi. Qız şirin-şirin gülümsəndi.................. Aşıq nə duruxdun. Görmüşük aşıq gözəl qızlara tərif deyər, tərif söyləyər. Bəs sənin tərifin hanı? Səhv eləmirəmsə Aşıq Şenlik sənsən. Aşıq Şenlik çox ağır adam idi. Qızın danışığından anladı ki, məsələ başqa cürdü, ölməmiş betər vurulub... Gəl indi belə gözəlin əlindən qurtar, görüm necə qurtararsan. Qızın gözəlliyi Aşiq Şenliyi yaman tutmuşdu. Qız işi belə görüb üzünü Aşıq Şenliyə tutub görək nə dedi. Biz deyək Allah Sizləri də xoşbəxt eləsin Nədi nə baxırsan mənə kənardan, Olmazmı söhbəti-sözü aşığın. Görüb gözəlliyi, almır hesaba, Yoxsa kor olubdu gözü aşığın. Nəyə dolanırsan bu dağı-daşı, Gəl səndə mənimlə dərd yükü daşı. Sinəmi yandırdı eşqin ataşı, Yaşı haqlayıbdır yüzü aşığın. Xanımam könlümə dəyə bilməzsən, Sən məni sındıra, əyə biməzsən, Sözünü üzümə deyə biməzsən? Gülməzmi sifəti, üzü aşığın. Söz tamama yetdi. Aşıq Şenlik gördü ki, qızın gözləri dolub. Ürəyi tab eləmədi. Sazını köynəkdən çıxarıb basdı sinəsinə. İndi görək böyük sənətkar burda nə dedi nə söylədi. Xırdaca gözəlsən, yaşın çox azdı, Baxdıqca canımı alma amandı. Təzə evlənmişəm, xəbərin olsun, Başımı bəlaya salma, amandı. Aşıq gəzərtidi yolu dağ-dərə, Nə çox yoxuş-eniş, gədik, bənd-bərə, Söz ilə arxamı vurma gəl yerə, Bulud tək tutulub dolma, amandı. Şenliyəm könlünə dəymərəm sənin, Başını aşağı əymərəm sənin, Dərd-qəm içində qoymaram səni, Gül kimi saralıb-solma amandı. Söz tamama yetdi. Qız qara saçlarından üç tel ayirib basdı şamama döşünün üstünə, görək burda nə dedi. Axır sözün nədi desən mərdana, Sinəmin başını yandirdin getdin. Bildim evliliyini qaraldı gözüm, Gör necə könlümü sındirdin, getdin. Gözüm görən kimi tutdu tez səni, Niyə yumşaltmadı görən göz səni, Məftun eyləmədi əsmər üz səni, Məni ucalardan endirdin, getdin. Xanımam bu canım qurbandı sana, İnsaf et, könlümü çalxama qana. Sən bir el aşığı, məndə bir sona, Yanan çırağımı söndürdün, getdin. Söz tamama yetdi. Aşıq Şenli dinməzcə sazını bağrına basdı, qızın könlünü ələ almaq üçün bu yerdə aldı görək nə dedi. Çağırarasan əlbət məni, Xəbərin bilərəm bir gün. Məclisi quraram sizdə, Danışıb gülərəm bir gün. Könül verərsən bir mərdə, Öz-özünü salma dərdə, Sinəm olub pərdə-pərdə, Göz yaşın silərəm bir gün. Gözlərimi alıbdı qan, Səfil Şenlik sənə qurban, Həm gözəlsən, həm mehriban, Toyuna gələrəm bir gün. Söz tamama yetdi. Qız peşman-peşman alaçığa qayıtdı. Aşıq Şenlik bir təhər özünü ələ alıb aldı görək dübarə nə dedi. Canbaz yaylağında ataşa düşdüm, Bir alagözlünü gördüm, ayrıldım. Danışdı, söylədi huş getdi başdan, Könlümü əlidən verdim, ayrıldım. Başdan dərdimi qova bilmədim, O küskün qəlbini ova bilmədim, Ovçu tək çıxmışdım ova, bilmədim Ceyranı bərədə vurdum, ayrıldım. Şenliyəm kədərdən könlüm qaralı, Ceyran sinəsindən qaldı yaralı, Ah çəkdi, inlədi dağlar maralı, Sevən ürəyini qırdım, ayrıldım. Söz tamama yetdi. Aşıq Şenlik burada məclisini yekunlaşdırıb Suxara köyünə döndü. Amma o vaxtdan bu əhvalat Ağbaba ellərində dillərə düşdü, və əbədi olaraq xatırələrdə yaşadı. * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-senlik-dastanlar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1913). Public domain (author died 1913). Original text only.