Deyişmələr Aşıq Şenlik (1850–1913) Aşıq Abbas: Gəl sənnən imtahan olaq, qəm donun geyin, aşıq, İndi vuraram sinənə dağ ilə düyün, aşıq. Tərlan kimi yol gözlərəm mən ovgah yerlərində, Sən əlimə şikar kimi düşübsən bugün, aşıq. Şenlik: Arzulayıb gəlmişiydim mən sizi deyin, aşıq, Heç mi səndə yox məhəbbət, ey qəlbi xain, aşıq. Əvvəl çox hərcayı getmə, sonra peĢman olarsan, Nə zaman ki, alt edərsən, o zaman öyün, aşıq. Abbas: Yenə vurdu eşq atəşi, sevda səri görünü, Sən təki neçə aşığın açdım gizlin sirrini. Cəngiynən qəzəbə gəlib görsən hasmın zorunu, Əsdə gəldin bu meydana, qaçarsan yəqin, aşıq. Şenlik: Aslı şirrət mazaratdan qaçıb qurtulmaq haqdı, Zatında hiylə görünür, fitneyi-feli çoxdu. Düşübsən aslan cənginə, heç mi xəbərin yoxdu, Tutaram indi başına bir olmaz oyun, aşıq. Abbas: Aşıq Abbas abdal olmuş, eşq ucundan dəlidir, On iki imam Çaryarlar bir Xudanın quludur. Açsam gizlin mətahımı, ləli-gövhər doludur, Dürrü-cəvahir görünür ayanbaayan, aşıq. Şenlik: Bəyanbabəyan bilirəm nə fitneyi-feldəsən, İstərsəm zirdəst eylərəm zəpti mümkün əldəsən, Düşdün Şenlikin bəhrinə abı ümman seldəsən, Necəsən ki, qərq eyləyəm hiyləgər layin, aşıq. * * * Deyil Abbas: Çox da cələllanıb çıxma qarşıma, Mən ümmanam, sənin eşqin çay deyil. Hiddətlənmə, tez gətirrəm imlaya, Hər mətahın cəvahirə tay deyil. Şenlik: Hiddət ilə imtahana gəlibsən, Məğrurlanma, təkəbbürlük ey deyil. Hər şikardan mənim deyin bac umma, Bu qismətlər sən yediyin pay deyil. Abbas: Gənə meydanımda hasım görünü, Sidqiylə çağırram eşqin pirrini, Həp bilirəm ərşin, gürşün sirrini, Xəyalım pərişan, zehnim zay deyil. Şenlik: Ərşi mah üzündə qurubsan binə, Qorxaram yelkənin zəminə enə, Gəc baxıb qəmərə, tən etmə günə, Hökmün kəvkəb, səltənitin ay değil. Abbas: Hardan urcah oldum qəlbi qaraya, Naşı hoyrat, nə düşübsən araya, Eylə bir eyvallah, qayıt geriyə, Aşıq Abbas hər aşığa tay deyil. Şenlik: Xor baxma ġenlikə, tən etmə öylə, Şad gəlibsən, məhzun göndərrəm yola. Sinəm bürci-mehrab, bədənim qala, Cavabın ox, fəhmin qatı yay değil. * * * Əyləndi Abbas: Siftah nədən binə qurdu dünyayı, Zaftı necə sirr üstündə əyləndi, Yeddinci zəminin ismini söylə, Rafı dəngə nə üstündə əyləndi. Şenlik: Haqq nurundan binə qurdu dünyayı, Canlı cinli sirr üstündə əyləndi, Yeddinci zəminin ismi Əcvadır, Rafı dəngə yer üstündə əyləndi. Abbas: Əzrayıldan sonra bilsən kim ölü, Kimin qəzəbində fəthi cəng olu, Neçə min il yoldu Sıratın yolu, Necə belə şər üstündə əyləndi. Şenlik: Əzrayıldan sonra əcəl də ölü, Yəhya qəzəbində qəti cəng olu, Üç min illik yoldu Sıratın yolu, Yeddi damı nar üstündə əyləndi. Abbas: Abbas da bu raha qoyubdu üzü, Nə donda yaratdı lövhi-mahfuzu, Kimdir deyər deyər, tükənməz sözü, Çəkər ahu, zar üstündə əyləndi. Şenlik: Şenlik der: qaradır namərdin üzü, Yaxud əhmərdəndir lövhi-mahfuzu, Loğman deyər deyər, tükənməz sözü, Çəkər ahu, zar üstünə əyləndi. * * * Olmuşam Aşıq Şenlik: Ta əzəldən qətrə ikən bəhri ümmün olmuşam, Heç tükənməz xəzinədən ləli-mərcan olmuşam. Söylənər cümlə cahanda şanı-şöhrətim mənim, Aşiqlərin arasında natiq-lisan olmuşam. Şair Nəbi Borçalı: Mey nuş etdim pir əlindən, meyi-məsdan olmuşam, Gecə-gündüz nar içrəyəm, misli pərvan olmuşam. Bax əzazil mənlik edir, indi qalar lal təki, O səbəbdən aləm içrə xaki-yeksan olmuşam. Aşıq Şenlik: Eşq içrə qəvvas olub, ya bəhrə, dalsam gərək, Çarə budur aqibətin, sazını alsam gərək. Çevirib hər tərəfə, qanadın yolsam gərək, Sən kimi sərçə önündə misli-tərlan olmuşam. Şair Nəbi Borçalı: Əgər ki, aşıq isən hərf oxu, imlanı gör, Sən bir axan çeşmə ikən mühiti-dəryanı gör, Öz–özünü şahin sanma, zümrüdü-əfqanı gör, Zərrəcən verməm əman, mərdi-meydan olmuşam. Aşıq Şenlik: Şenliyəm, belə lafdan çəkərəm qovğaları, Nə yerdə aşıx görsəm, edərəm sualları, Çoxlarını mətəl etdim, sən kimi ustadları, Düşməndən geri dönməz, mən bir aslan olmuşam. Şair Nəbi Borçalı: Adımdı Şair Nəbi, sənətin binasıyam, Sərraf olsa, bu məkanda aşıqların xasıyam. Aşıq olub, el gəzmişəm, mən elin anasıyam, Tutmuşam meydanını, dönməz pəhlivan olmuşam. * * * Yar Aşıq Şenlik: Aşığa rəhmin gəlsin, bir danışıb gülsən yar, Eşidib vəsvi-halım, cavabını bilsən, yar. Qəflətən gördüm səni, məsd oldu didəm nuru, Bu ziyada qəmər olmaz elə bildim günsən yar. Şair Nəbi: Şairə rəhmin gəlib bir danışıb gülsən yar, Çox çəkirəm həsrətini, xəyalımı bilsən, yar. Boyun bənzər sürahiyə, lalələr şəbnəmsən, Seyr edək ol qamətə, qarşımızda qalsan, yar. Aşıq Şenlik: Şox tutub qiyğac baxışın az qalır əqlim ala, Sızıldaşır əzalarım, vücudum gəlir dilə. Yanar-yanar atəşinə, sonra da dönər külə, Gecə-gündüz leylü nahar intizarım sənsən, yar. Şair Nəbi: Bu bağçanın bülbülüyəm, göz dikmişəm bir gülə, Dolandı çərxi gərdiş, zəmanam keçdi belə. Yanıram atəşinə, necə ki, Kərəm, Lələ, Həsrətəm didarına, xəyalımı bilsən, yar. Aşıq Şenlik: Səfil Şenlik eşqə düşüb, yanında şərməndədi, Könül xəstə, dil şikəstə, eşq atəşi candadı, Camalına bənd olmuşam, ixtiyarım səndədi, Gecə-gündüz, leyli-nahar intizarım sənsən, yar. Şair Nəbi: Şair Nəbi eşq ucundan sanki dönüb ümmana, Xilaf eylər xam xəyalım, bax sərimdə dumana, Açılıb hüsnün şoxu, bənzər huri-qılmana, Gözüm görüb, könlüm sevib, haq yaradan qulsan, yar. * * * Yaratdı Şenlik: Dünya əhvalından xəbər ver, aşıq, Əvvəl Qəni Sübhan nəyi yaratdı, Nə məkanda binə qurdu bil tavuz, Nə səbəbdən haki payı yaratdı. Abbas: Dünya əhvalından xəbərdaram mən, Siftə Qəni Sübhan nuru yaratdı, Ulduz ki, qəndildən endi hicaba, Kəfdən sonra cümlə yeri yaratdı. Şenlik: Neçənci zəminin neçə dayağı, Neçə qədəmədir mahın ayağı, Əvvəl Zəm-zəm nəyə vurdu boyağı, Nədən de birinci göyü yaratdı. Abbas: Yeddinci zəminin yeddi dayağı, Qırx dörd mindi gavi-mahın ayağı, Siftə Zəmzəm nura vurdu boyağı, Zəbərcəddən ilkin göyü yaratdı. Şenlik: Dalıbsan qəflətə irəm at görüm, Şenlikin sözünü bəyan et görüm. Necə sirrdi, əhvalına yet görüm, Cəsədsiz dəst, sərsiz muyu yaratdı. Son qitədəki müəmmayı Abbas aça bilməmiş. Bunun üzərinə Şenlik, sorduğu müəmmayı özü belə cavablandırmışdır. Şenlik: Şükür, əff olundu Şenlikin suçu, Boynunda borc qaldı hərfimin üçü, O bir otdur, Məryəm ananın saçı, Ona nisbət möhtəbəri yaratdı. * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-senlik-deyismeler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1913). Public domain (author died 1913). Original text only.