Qoşmalar Aşıq Şenlik (1850–1913) Bağışla məni Familyan Vəzirov vilayət xanı, Şərəfi Hatəmsən səxavət kanı, Yeri, göyü, ərşi, kürşü rəhmanı, Xəlq edib düzənə, bağışla məni. * * * Bəyim Sənsən Qul Şenliyin xoş vəfadarı, Ol səbəbdən gəldim bu yana sarı, Şulaver elinin qoruqçuları, Bizi soyub yola saldılar, bəyim. * * * Bu gecə Yığılın əhbablar, yaran yoldaşlar, Bir sağalmaz dərdə düşdüm bu gecə. Hikməti-pir ilə abu-züladan, Kövsər bulağından içdim bu gecə. Qüdrət məktəbində verdilər dərsi, Zahirdə göründü ərş ilə kürşü, Hifzimdə zəbt oldu ərəbi - farsi, Lüğati-imranı seçdim bu gecə. Səfil Şenlik haqdan buldu kamalı, Bu fikirlə vəsli halım deməli, Bədirlənmiş gördüm gözəl camalı, Təğayür hal olub çaşdım bu gecə. * * * Dah deyiniz, qızlarım, dah deyiniz Mən də gəlirdim Qarsın elindən, Əylənin yəhəri alım belindən, Kimi quyruğundan, kimi yalından, Dah deyiniz, qızlarım, dah deyiniz. * * * Əfəndim Səməd bəynən İsmeylin seyrinə vardım, Bu diyarı gəzə-gəzə əfəndim. Səməd bəy namində bir vəzir gördüm Vəsvini qaldırram saza əfəndim. Ağam Səməd bəydi onların başı, Mehralı şahların alıcı quşu, Yanında var çox əjdaha yoldaşı, Nə düşdün olarnan bəsə əfəndim. Oları göndərdilər Sibir elinə, Çox bəlalar gəldi olar sərinə. Hökmnən vurarlar qılınc zoruna Düşüblər aləmdə səsə əfəndim. Alosman elinə talan saldılar, Cəlalı kürdünə qılınc çaldılar, İran ölkəsindən xərac aldılar, Şahıda qoydular yasa əfəndim. Səməd bəy dediyin zəhmi ağıdı, Hökm eyləsə yüz qazağı dağıdı, Sarı qazax onlar üçün yağıdı, Qıymadılar qırmızı fəsə əfəndim. Əmr etsələr yüz qazağı çalarlar, Onları görənlər heyran qalarlar, Aşıqlıqdan əhli mərifət qanarlar, Müşdahdılar saznan sözə əfəndim. Ağam Səməd bəydi ləzgi qırımlı, Paşa səltənətli qulaç Kərimli, Bəlli bədöy minir bir can verimli Heç baxmırdı çoxnan aza əfəndim. Şenlik mat edər qoç igidin pirini, Heç namərdə verməz onlar sirini, Səməd bəynən İsmeylin yerini, Verməz onan başqa kimsə əfəndim. * * * Əlif-lam “Əlif”dən sürahi alagöz yarım, “Ba” babi cahanda qılmana bənzər. “Te” təkmil muyları cilvələnibdi, “Se” sərxoş sallanıb sərgəndər gəzər. “Cim”dən hicab edər, “ha”dan hayalı, “Xa”ya müştaq olur fikir, xəyalı, “Dal”ın daldası var, qəmər ziyalı, “Ze” zalım qətlimə fərmanı yazar. “Re”dən iraq düşdüm, mənzilim cüda, “Za”zar çəkib zardan yanaram oda, “Sin” səlbi boyludu, yar mələkzadə, “Şin” şövqü günəşdir, hüsnü ləli-zər. * * * Can sağ ikən yurd vermənih düşmana Əhli-İslam olan eşitsin, bilsin, Can sağ ikən yurd verməniz düşmana. İstərsə Uruset nə ki var gəlsin, Can sağ ikən yurt verməniz düşmana. Qurşanın qılıncı giyinin donu, Qavğa buludları sardı dört yanı. Doğdu qoç iğidin şan almak günü, Can sağ ikən yurd verməniz düşmana. Əsgər olan bölük-bölük bölünür. Sandınızmı Kars qalası alınır, Boz atlar üstündə qılıç çalınır Can sağ ikən yurd verməniz düşmana. Ben esverdir bilin Urusun əsli, Orman yabanisi, balıqçı nəsli. Hınzır sürüsünə dalıb qurd misli, Can sağ ikən yurd verməniz düşmana. Şenlik, nə durursuz atları minin, Sıyrı qılınc düşmən üstünə dönün. Artacakdır şanı bu Al-Osmanın, Can sağ ikən yurt verməniz düşmana. * * * Çəkər Sevda sitəmindən cismim səd parə, Qəm ləşkəri bu hicrana mil çəkər. Loğman-təbib olub sağaltsa yaram, Kim bilir, müddəti neçə il çəkər!?. Hicran alayları doymaz qanımdan, Görən ibrət alar Nuh tufanımdan. Cəllad kimi tutub gireyvanımdan*, Nə alar canımı, nə də əl çəkər. Şenliyin fəryadı yeksan-xak kimi, Salıbdı lərzəyə qəm əflakımı. Məndə olan dərdin hicran yükünü Nə kirədar daşır, nə də fil çəkər... * * * Getdi Necə ağlamayım, necə yanmayım, Sonam, düşdü məndən aralı getdi. Bir ox atdı, sinəm san-şan eylədi, Sağı cismim yandı, paralı getdi. Hicran qəhrindəyəm, bağlıdı qolum, Sevda həsrətindən qalmayıb halım. Canıma susayan o qanlı zalım, Məni qoydu qəmdə, yaralı getdi. Sanki bir mələkdi əlvanlı donda, Pürrü pərvaz eylər hərə bir yanda, Şenlik der, taqətim qalmadı canda, Kəsildi səbrimin qərarı getdi. * * * Gəlir Millət komutanı Vağarşah ağa, Səbr eylə başına gör nələr gəlir. Yığıbsan başına bir bölük dığa, Demə ki, onlardan bir hünər gəlir. Uyma canfidaya, o qaxdağana, Bir gün şəhərini verər talana. Nə Bakıya bənzər, nə də Şirvana, Hazır ol üstünə yüz min ər gəlir. Şörəyel sancağı yalnız qalıbdı, Ağbaba bu işə müştaq olubdu, Min beş yüz Çıldırlı hazır gəlibdi, Keçib başı-candan, sərbəsər gəlir. * * * Görübdü Necə söz deyəsən qəm ərbabına, O da sənin kimi zəri görübdü. Dindirəndə haldan olar xəbərdar, Cəbrə düşüb hər əfkarı görübdü. Dost dostuna etsə iqrar imanı, Qiyamətə gedər müddət zamanı. Könül uman yerdən kəsməz gümanı, Çün əzəldən etibarı görübdü. Şenliyin zehnini verməyin zaya, And verirəm, o yaradan Xudaya. Bel bağlama dövrü keçən gədaya, Neçə əyyam ruzigarı görübdü. * * * Gündü Bu günə deyərlər qurban bayramı, Hacılar murada yetdiyi gündü. Səksən min ehtacı doxsan min hacı Alıf Arafata getdiyi gündü. Bir gecə guşumda əmr etdi Cəlil, Kağızı qələmi alıfdı dəlil, Arafat dağında İbrahim Xəlil, İsmayılı qurban etdiyi gündü. Quyunun içində Yusufu kənan Haqqın dərgahına gətirdi güman Dadına yetişdi ulu bəzirgan Götürüb misirdə satdığı gündü. Aldandı iblisə yazıdı bəyin Onu eşidənlər hep lənət deyən, Kərbəla çölündə imam Hüseyn Qızıl qan içində yatdığı gündü. Şenlik der Peyğənbər getdi Mehraca, Dürdən libas geyib yetişdi taca, Qənimət gətirdi yerah möhtaca, Əli də gah-gaha tutduğu gündü. * * * Xoş gəldin Ey böyük vəsfikar, böyük sənətkar, Qədəm qoydun bu diyara xoş gəldin. Səni gördüm mənim könlüm şad oldu, Qədəm qoydun bu diyara xoş gəldin. Sən ümmansan, dərya sənə tay olmaz, Ulduz günəş olmaz, ülkər ay olmaz, Hər aşıqlar bu sənətdə sayılmaz, Qədəm qoydun bu diyara xoş gəldin. Mən Aşıq Şenliyəm, bəllidir adım, Şahi-mərdan olub mənim ustadım, Deməynən qorxuram, ucadır zatım, Qədəm qoyun bu diyara xoş gəldin. * * * İxtiyarlıq Bu dünyanın səfasını sürmədən Nə tutdun yaxamı ay ixtiyarlıq. Əvvəlki dövranım düşər yadıma Əl götür yaxamdan, qoy ixtiyarlıq. Alıb verir dizlərimin yelini, Əydin qamətimi, bükdün belimi. Yaxın ikən iraq etdin yolumu Günlük yolum oldü ay, ixtiyarlıq. Dayaqsız bir addım ata bilmənəm, Tük döşək üstündə yata bilmənəm, Altı aylıq cocuğa yetə bilmənəm, Etdin sabilərə tay ixtiyarlıq. Sultan idim dağ başında mən əzəl İndi tökülənlər könlümdən xəzəl. Məni görüb gülər idi hər gözəl Onu da ömrümə say, ixtiyarlıq. Sulandı gözlərim, zay oldu işlər, Ağız papucladı, töküldü dişlər, Ürkməz oldu məndən yerdəki quşlar, Çəkərəm əlindən huy, ixtiyarlıq. Səfil Şenlik böylə bir halə gəldi, Eşq ucundan bənzi saraldı soldu, Evladi-əyalım tərkimi qıldı, Axır günüm oldu zay ixtiyarlıq. * * * İmiş Cibgirləri var ki, gözdən qıl qapar, Hər biri bir yandan ölkəni çapar, İynəynən axtarar, qapını tapar, İblisdən oyunbaz, hiyləgər imiş. Yoxsul imran olsa bunlar inanmaz, Öz eyiblərini özləri qanmaz, Biri yeyər, biri baxar, utanmaz, Qəlbləri çox qara, gözü dar imiş... * * * Mən fağırın xətirinə dəyibdi Zinzal dərəsində suyun üstündə, Bir fahişə mən fağıra söyüfdü. Allahın yaramaz mundar yasarı, Demədinmi eşidəllər ayıfdı. İnsanı görəndə ağzın ayırır, Qoltuğunun qılı camış doyurur, Təpəsində leylək yuva qayırır, Dişlərini qazma kimi eyifdi. Özünə baxmayıb lağ edir bizə, Boynu armut sapı məməsi küzə. Sirkəli saçını sarıf ağ bezə Dazalax başına dıngə qoyufdu. Gözləri mavidi rəngi sarı, Didarında yoxdu Məhəmmət nuru Sənə qənim olsun Şenliyin piri Mən fağırın xətirinə dəyibdi. * * * Məni Nədir bilməm qərib aşığın suçu? Məryəm ana olsun sizə duaçı, İstərsiz məzhəbi, kilsəni, xaçı, Qərq etməyin dərdi–bəlayə məni. * * * Nə deyir Bağban qardaş mənim vəsfi halımı, İntizarlı yara de, gör nə deyir. Etibar üzməsin mən beynəvadan, Gözəl laləzərə de, gör nə deyir. Sevda sirə endi, nə gəlir əldən, İşarət vəsf eylə şeyda bülbüldən. Şikayət qəhrini deyəndə dildən, Sidqi hülüskara de, gör nə deyir. Şenlik cəbr ucundan çəkər cəfayı, Təbib sən ol, eylə dərdə davayı. Beyqəfil gəzərkən, mən benavayı, Saldı bu efkara, de, gör nə deyir. * * * Nə söz var Tovuz kimi sığal verib özünə, Bəxtəvərin pərvazına nə söz var? Təzələnib on beş günlük ay kimi, Mələksifət, mah üzünə nə söz var? Şenlik der: qoynunda şamama tağı, O dastan sinəsi, büllur buxağı. Qızılgülə bəzənibdir yanağı, Əlvan-əlvan gülgəzinə nə söz var? * * * Kağız Gəl səni göndərim Şəvşət elinə, Qəryeyi-Qüçendə əylən qal, kağız. Tənəzzül eyləyib istiqbalinə, Get Arif ustaya təzim qıl, kağız. Molla Ziyaynan etmişik ilqar, İgid ilqarını eyləməz inkar, Şiddətli şaxtadı,ixtiyarlıq var, De ki, zalım dağlar vermir yol, kağız. Şenlik der, səbəbsiz sağalmaz yara, İlaç Allahdandı,qul edər çarə, Yaralı Qasımı o loğmanlara, Allaha amanat tapşır gəl, kağız. * * * Qartal Nə baxırsan məlul-məlul üzümə, Qoydun ürəyimə vərəmi, qartal. Qanad çaldın, pərvaz etdin uçmağa, Zalım güllə kəsdi aranı, qartal. Zəhmin ağır, pəncən aslan pəncəsi, Qorxundu quşların zor işgəncəsi, Ovçusan, ovçunun olmaz gecəsi... Gör saldın yadıma haranı, qartal? Sarıdı gözlərin, məğrurdu başın, Caynaqlıdır pəncən, kəskindir dişin, İnsafsız, zülmkar zabit yoldaşın, Öldürməkdi səni məramı, qartal. Səfil Şenlik zülm eylədi sənə, Çalardın, çapardın, batardın qana, Dərdin həddən aşıb, ta gəlməz sana, Loğman da sağaltmaz yaranı, qartal. * * * Qalmadı Güvənmə dünyada dövlətə, vara, Fani dünya bir insana qalmadı. Səddi İsgəndərə, Rüstəmi-Zala, Əli kimi ac aslana qalmadı. * * * Qış ilə baharın deyişməsi Qış ilə növbahar düşdülər bəhsə, Bahar dedi nəbahatım var mənim, Qış dedi ki, zəhmi-zəhər kanıyam, El içində ədalətim var mənim. Bahar der ki, mən özüm yetirrəm, Zövqi-ziynət, nuri-rəhmət bitirrəm. Süsən, sünbül, mor bənövşə bitirrəm Əlvan-əlvan nəbatatım var mənim. Qış dedi ki, mənəm fitnə xaini, Donduraram dərələrin suyunu. Çox görmüşəm Əbu-Sinan oyunu, Əfsun olmaz təriqətim var mənim. Bahar dedi, mən qiymətsiz bahayam, Savalan yaylağı, el evgahıyam, Cilvəli qızların seyrangahıyam, Can almağa nəzakətim var mənim. * * * Səfalan seyrəngahlı beynava ahu Səfalan seyrəngahlı beynava ahu, Sarf qayalar ovgahında durdunmu? Sərin sular, göy yaylaqlar üstündə Dövran edib zövqü-səfa sürdünmü? Qanadsız quş idin insi çöllərdə, Sənə yetişmədi əsən yellər də, Vəhşilərlə biyabanı çöllərdə Kuhu orman hasarına vardınmı? Fəsli bahar olub bülbül ötəndə, Səcərlər bar verib budaq atanda, Əlvan çiçək, mor-bənöyşə bitəndə, Söylə, nəqşi nəbabatdan dərdinmi? Ballıca dərədən qaldırdı Göyü, Arzulayıb gəldin böyük güneyi, Palıdlıda oldun oyçular payı, Ərmağan canını şikar verdinmi? Səfil Şenlik bu lisanı gördü xoş, Görüm Faxralının biri olsun beş, Abbas tüləh tərlan, Musa qızılquş, Əhli-mərfət Kamandarı gördünmü? * * * Sənin Haramı halala qatmaq nə imiş, İblisin yoluna sapmaq nə imiş, Bu köşkü, sarayı yapmaq nə imiş, Bir qaranlıq yerdir məkanın sənin. Dünyada harama baxdırma gözün, Haqqın dərgahından çevirmə üzün, Əgər doğru yola getməzsə izin, Ləin-şeytan alar imanın sənin. * * * Söylənir Cəng etsə cahana salar talanı, El içində aslan kimi dolanı, Ziri-dəst eylədi dövlət olanı, Zəmanənin qəhrəmanı söylənir. Qəmzəsində qeyzə gəlsə damar qan, Diz çökdü çoxları dedi: əl-aman, Rüstəm-Zal kimi aldı şöhrəti-şan, Koroğlu sədalı ünü səslənir. * * * Olur Gözəl olan beş yaşından öyülür, Yeddisində qönçə güldən sayılır, Səkkizində hilal qaşlar əyilir, Sifət bədirlənir, xumar göz olur. On ikidə qumaş geyər sallanar, On üçündə günəş üzü allanar, On dördündə cığaları tellənər, Hər bir əzasında yüz min naz olur. Qırx üçündə gizli söylər sirrini, Qırx beşində gözdən salar ərini, Əllisində “nəvə” deyər torunu, Toylar mətbəxində həm aşbaz olur. Doxsan beşdə Şenlik söylər sözləri, Yüz yaşında çıxar quzu dişləri, Baş yasdığı olar ocaq daşları, Tüstü döyər, var əndamı his olar. * * * Yaxşıdı Bir kəs könül sənə etimad etsə, Biliynən ki, onun zatı yaxşıdı. Namərd leyli nahar plov yedirtsə, Mərdin quru məhəbbəti yaxşıdı. Hərcayi əlindən dəng oldum başdan, Baş qafa adamdan, ürəyi daşdan, Bədnəzər qonşudan, kötü yoldaşdan, Qədirbilənlərin iti yaxşıdı. Dad həzar əlindən pərgarsız sazdan, Ver qurtar özünü nəzir-niyazdan, Gəyəzən gəlindən, güləyən qızdan, Söyləyən arvaddan lotu yaxşıdı. Qul Şenlik sözünü söylədi sağdan, Piltəli çıraxdı şamdanı yağdan, Çörəksiz otaqdan, meyvəsiz bağdan, Çayır çəmənlərin otu yaxşıdı. * * * Yazıqdır Havayı həvəsə ciyərin yaxma, Ərənlər verdiyi gözə yazıqdır. Hər gördüyün məhbub dilbərə baxma, Sorarlar hesabı, gözün yazıqdır. Əxlaqda həlim ol, pəncədə polad, Lisanda kamalın hal eylə qat-qat. Əvvəl sərraf ara, sonra sözün sat, El qədrin bilməzsə sözün yazıqdır. * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-senlik-qosmalar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1913). Public domain (author died 1913). Original text only.