Deyişmələr Aşıq Valeh (1722–1822) Gərək Aşıq Feyruz: Aşıq Feyruz söz veribdir bu mahaldan bac almağa, Aşıqları ağlar qoyub, şairlərdən tac almağa. Sənətilə ad qazanıb, məşhur olub ucalmağa, Qarabağın mərkəzində qursun bu gün divan gərək. Aşıq Valeh: Bu mahal bac verməyib, yaranandan bac alıbdır, Sənətkarı pəhləvan tək zərbə çalıb, tac alıbdır. Güman etmə, kardan düşüb, Aşıq Valeh qocalıbdır, Buludlara ucalmağa qanad çalsın tərlan gərək. * * * Aşıq Valehlə aşıq Cəlalın deyişməsi Aşıq Valeh Ağlamağın məni etdi divanə, Söylə görüm, Cəlal, nə halətdi bu?! Göz yaşın qəlbimə ox kimi dəydi, Söylə görüm, Cəlal, nə halətdi bu?! Aşıq Cəlal Böyük ustad, yaman dərdə düşmüşük, Könüllər ağladan xəyalətdi bu. Qəfil qəza saldı bizi toruna, Şadlığı puç edən zəlalətdi bu. Aşıq Valeh Kim salıbdır səni olmazın dərdə, Hansı fikir qəmlə toqquşur sərdə. Gəl qurma arada söhbətə pərdə, Hansı görüş, hansı ziyarətdi bu?! Aşıq Cəlal Taleyim salıbdır məni bu dərdə, Əhmədin fikiri toqquşur sərdə. Aşıq Mahmud ilə durmuşuq vərdə, Cəhənnəm atəşli qiyamətdi bu. Aşıq Valeh Dolğun xəyalımı etdin dərbədər, Qəmli duruşunda var yeni xəbər, Aşıq Valeh olub hər elmə əzbər, Hansı sözlə deyim, kifayətdi bu. Aşıq Cəlal Aşıq Soltan aldı Əhmədin sazın, Zimistan eyləyə Cəlalın yazın. Əsirgəmə bizdən kömək avazın, Sənət mənbəyinə şikayətdi bu. * * * Aşıq Valehlə aşıq Mahmudun 1-ci deyişməsi Birinci deyişmə Aşıq Mahmud Aşıq, mənlə meydan açma, həyatını dar edərəm, Divanidən, təcnisdən neçə qatar var edərəm. Bir ustadam, hünərimdən hey danışır məni görən, Şənliyini qovlayaram, xoş gününü zar edərəm. Aşıq Valeh Aşıq Mahmud, ömrün bitib, bu gün səni xar edərəm, Bulud kimi qaynayaram, bahar fəsli qar edərəm. Çaylar kimi sellənərəm, dərya kimi göllənərəm, Başın şişər, ağlın itər, qulağını kar edərəm. Aşıq Mahmud Neçə deyiş meydanında məşhur ustad ağlatmışam, Hüzurumda diz çökdürüb, qollarını bağlatmışam. Sənətinə qələm çəkib, sinəsini dağlatmışam, Bil səni də o hesabla el içində car edərəm. Aşıq Valeh Dizlərin titrəyər əsil hünər meydanında, Dil, ürəyin qana dönər, şuru əza fərmanında, Natiqlər məclisində, əhli-ariflər yanında, Sənin kimi kəmsavadla deyişməyə ar edərəm. Aşıq Mahmud Çarxı dəvvar gərdənindən Mahmuda da badə çatıb, Neçə yerdə kara gəlib, neçə yerdə dada çatıb. Qırxlar piri dərsin verib, məşhur olub, ada çatıb, Cəhənnəmtək zəban açıb, cəsədini nar edərəm. Aşıq Valeh Aşıq Valeh xilqət sirrin toplayıbdır tam sərinə, Naşı qəvvas üzə gülməz, batar gedər hey dərinə. Susuz gəzən gürzə kimi sancılaram peysərinə, Doqquz simli tavar sazı sinəm üstə mar edərəm. * * * Aşıq Valehlə aşıq Mahmudun 2-ci deyişməsi İkinci deyişmə Aşıq Mahmud Naşı sarban öyünməsin bu yolda, Səhra mənzilində nər hünər eylər. Hansı dəyirmanın suyu çox olsa, Daşı fırlatmaqda pər hünər eylər. Aşıq Valeh Lovğa danışıqda nadan saz olar, Döyüş meydanında ər hünər eylər. Bir bədən ki, qəfil keçsə kəməndə, Salamat qurtarsa, sər hünər eylər. Aşıq Mahmud Gün ağır keçməklə həftə ay olmaz, Sızğa bulaq coşsa daşqın çay olmaz. Ala qarğa qızılquşa tay olmaz, Pələng davasında şir hünər eylər. Aşıq Valeh Qurd yanılmaz ovda necə qarısa, Kötül ipək verməz yüz də sarısa. Ziyarət et harda ocaq varısa, Kamalı azlara pir hünər evlər. Aşıq Mahmud Aşıq Mahmud coşar meydan açanda, Day titrəyər köhlən mənzil qaçanda. Üstü ağır olub, damlar uçanda, Zamın kara gələr, tir hünər eylər. Aşıq Valeh Nadan çaşar danəndələr yanında, Hər könül soltandı öz gümanında. Ağlı dərin ustadlar meydanında, Aşıq Valeh coşar hər hünər eylər. * * * Aşıq Valehlə aşıq Mahmudun 3-cü deyişməsi Üçüncü deyişmə Aşıq Mahmud Aşıq Valeh, mənlə girmə meydana, Bağını-bağçanı duman eylərəm! Bulud olub qarışaram havaya, Baharlı gününü boran eylərəm! Aşıq Valeh Mahmud, səni qəza tora salıbdı, Əhvalını bu gün yaman eylərəm! Pozular növrağın, qan ağlar gözün, Cəlallı yurdunu viran eylərəm! Aşıq Mahmud Hərdən bənzəyərəm eşqi-həvəsə, Hərdən bənzəyərəm tilsim qəfəsə, Hərdən bənzəyərəm isti nəfəsə, Hərdən küləklənib tufan eylərəm! Aşıq Valeh Qatarı üzülməz bir güzaram mən, Ariflər mülkündə bir diyaram mən. Gül-nərgiz bitirən bir baharam mən, Boranlı dağları aran eylərəm! Aşıq Mahmud Aşıq Mahmud səni salacaq tora, Vuracaq qəlbinə sağalmaz yara. Qul edib divanda çəkəcək dara, Tutulacaq nitqin, güman eylərəm! Aşıq Valeh Aşıq Valeh məşhur olub cahanda, Mərd dayanıb neçə belə divanda. Ağlın itər, sözün qalar dəhanda, Səni öz başına vuran eylərəm! * * * Aşıq Valehlə aşıq Mahmudun 4-cü deyişməsi Dördüncü deyişmə Aşıq Valeh Aşıq Mahmud, qafiyəni dəyişdim, İndi sənə əhli-kəbirdən deyim. İnsidən-cinsidən, mahi-zəhrüdən, Dəhridən, xaneyi-qəbirdən deyim. Aşıq Mahmud Aşıq Valeh, kəlamın anladım, Mən də sənə ərzü-zəmindən deyim. Aləmi-fanidən, həşri -cəfadan, Həlati-eşqinin qəmindən deyim. Aşıq Valeh İstərəm ərsədə məclislər qurum, Sədayi-suridən bir az dəm vurum. Pəncin mənasından cavablar sorum, Sirri-qeyibatdan , səbirdən deyim. Aşıq Mahmud Gəl güzar izini salma dərinə, Toxmaq dəyər nabələdin sərinə. Bəndəlik et ərənlərin pirinə, Çaharı həştinin cəmindən deyim. Aşıq Valeh Valehəm, dərsimi vurmuşam başa, Qırxlar cərgəsində dolmuşam yaşa. Ərənlər piriylə durmuşam qoşa, Sahibi-Həmzədən, Bəbirdən deyim. Aşıq Mahmud Aşıq Mahmud, hesab düşdü bu dağa, Kök tərpəndi, zədə dəydi budağa. Bənna gərək daş düzəldə bu tağa, Bəndi-əza sərin dəmindən deyim. * * * Ustad Səməd ilə aşıq Valehin 1-ci deyişməsi Ustad Səməd Bəxt oyanıb, çarx irəli gedəndə, Hər gün bayram keçər, çalhaçal olar. Xoş saatda ziyan dönər xeyirə, Var gələr var üstə bolhabol olar. Haqq nəzərin bir insandan kəsməsə, Sayılar hər yerdə qolhaqol olar. Eşidilər sözü şəkər- bal olar. Aşıq Valeh Heç kimsələr tənəzzülü görməsin, Tərəqqidə dövlət varhavar olar. Tərəqqinin zimistanı yay keçər, Tənəzzülün yayı qarhaqar olar. Yoxsulun əhvalın kimsə soruşmaz. Varlının halını sorha sor olar, Xeyir -şərdə hamı ona yar olar. Ustad Səməd Qorx o gündən tale yata, çarx dönə, Sellər gələ, dəhnə uça, arx dönə, Su qayıda, yol kəsilə, tox dönə, Mövla dönə, pirlər dönə, qırx dönə, Gözdən sala, üz döndərə, vaxt dönə, Düşər nəzərlərdən dalhadal olar. Ağlar, sızlar qəlbi, düşkünhal olar. Aşıq Valeh Daşa dönüb, sinəm üstə döyünər, Tənə sözlər cigərimdə düyünlər, Aça bilməm, dolaşıbdır düyünlər, Haqq şəfasın kəssə xəstə sağalmaz, Loğman gələr açdığını düyünlər. Cərrah neştər alar yarha yar olar. Ölər gedər, nə kömək, nə kar olar. Ustad Səməd Çox görmüşəm, zəlaləti, qəmi mən, Hər möhnəti, hər atəşi, dəmi mən, Soruşmuşam, öyrənmişəm çəmi mən, Hər dəryada gəzdirmişəm gəmi mən. Cavab verib, dinmə, qalma qal olar, Bəxti yatan, günü -gündən dal olar. Aşıq Valeh Saz sərrafdır, teli bəmi qucaqlar, Könül coşar, dəhan cəmi qucaqlar, Layla çalar, möhnət -qəmi qucaqlar, Çay üzündə lötkə üzər su qaçar, Valeh bir dəryadır gəmi qucaqlar. Tufan qopar batar vurhavur olar. Həqdan şəfa tapan dərdi –yar olar. * * * Ustad Səməd ilə aşıq Valehin 2-ci deyişməsi Aşıq Valeh Gənc çağımda könül gəlib ilhama, Atəşdə qaynayan tiyanam indi. Dərk etmişəm kainatın sirrini, Dalğalı-tufanlı ümmanam indi. Ustad Səməd Eşqi canda gəzir, elmi sərimdə, Eşqini elmində duyanam indi. Həyat cavan, ömür keçdi, qocaldım, Həsrət kamlı cismi -uyanam indi. Aşıq Valeh Çox şirindir hər nemətim kan deyir, İlham verir, eşqi sərdə yan deyir, Dil dahanda düzdü, mehriban deyir, Nə dadıb, nə yeyib, doyanam indi. Ustad Səməd Möhnət qohum mənlik mənə yad deyir, Arzu şirin, xəyal sərdə dad deyir, Ay ağlayır, ömür ilə bad deyir, Əlim çatmır tutam, dayanam indi. Aşıq Valeh Könül meyl salmaz şana, şöhrətə, Fikir yaddır xəyalətə, möhnətə. Əlimdə saz, bir səyyaham xilqətə, Boş keçən günlərə peşmanam indi. Ustad Səməd Kan fanidir pakı -xaki -zəmdi bu, Eyni matəm cismi atəş dəmdi bu, Nemət marlı, mürvət qanlı, qəmdi bu. Dəsti – paysız, cismi -rüyanam indi. Aşıq Valeh Valeh, zikr eylə, kalam- dinə bax, Qoyma ömür hədər keçə, günə bax, Mehriban ol, nə kədər, nə kinə bax, Beş günlük faniyə mehmanam indi. Ustad Səməd Mən Səmədəm, dildə candı gövhərim, Elmin kalamından dolubdur sərim, Arifə dərindir dayaz sözlərim, Kəramət bəhrinə giryanam indi. * * * Ustad Səməd ilə aşıq Valehin 3-cü deyişməsi Aşıq Səməd Fikrin-zikrin gəzir uca göyləri, Söylə görüm, Valeh, hara gedirsən? Karvanların qatar-qatar dayanıb, Söylə görüm, Valeh, hara gedirsən? Aşıq Valeh Fikrim edir asimanı ziyarət, Eşit, ustad, deyim hara gedirəm. Yükümü tutmuşəm ərşi-əladan, Sevda üçün bir bazara gedirəm. Aşıq Səməd Yükünü tutmusan ərşi-əladan, Qatarların gəlsin dərdi-bəladan. Nəcəf çöllərindən, Məkkə binadan, Söylə görüm, oğlum, hara gedirsən? Aşıq Valeh Dərsimi vermisən torət, qurandan, İncildən, zaburdan, külli cahandan. Yerdən, göydən, ərşdən, kürşdən, gümandan, Onlar ilə zəncir dara gedirəm. Aşıq Səməd Səməd içib minbir eşqin camını, Əzbər deyər hər xilqətin sanını. Sənə bağışlayır öz karvanını, Sahib sənsən, o bazara gedirsən. Aşıq Valeh Zərnigar Dərbənddə dönüb aslana, Otuz doqquz aşıq salıb zindana. Valehi çağırır deyiş meydana, Canım ustad, o meydana gedirəm. * * * Aşıq Süleymanla aşıq Valehin deyişməsi Naxçıvanlı aşıq Süleyman iki nəfər şagirdi ilə, usta Səməd və Aşıq Valehlə deyişmək üçün Abdal-Gülablıya gəlirlər. Abdal kəndində zurna çalan Aşıq Bədələ qonaq olurlar, axşam el-camaət toplanır Aşıq Bədəlin damına. Aşıq Süleyman ayağa qalxır, şagirdləri ilə, gecədən keçincə çalıb-çağırırlar. Bir nəfər Aşıq Süleymana dövran yığmaq istəyirkən, Aşıq Süleyman deyir: – Cəmaət mən bura dövran yığmaq üçün gəlməmişəm. Eşitdiyimə görə bu kəndə Ustad Səməd və Aşıq Valeh var. Mən gəlmişəm onlar ilə meydan açam, deyişəm. Mümkündürsə, məni bu arzuma çatdırın. Aşıq Bədəl deyir: Aşıq Süleyman səni arzuna çatdırmaq müşkül işdir. Ona görə ki, Aşıq Valeh yaylağa toya gedib, Usta Səməd isə xəstədir. Süleyman deyir: – Eybi yoxdur, o qədər gözləyəcəm ki, Aşıq Valeh yaylaqdan gəlsin, Usta Səməd xəstəlikdən yaxşı olsun. Süleymanın bu təklifi adamlara pis təsir edir, elə gecəynən bu xəbər hər iki kəndə yayılır. Usta Səmədin oğlu Cəfər də həmin məclisdə olur. Əhvalatı olduğu kimi atasına çatdırır, Usta Səməd oğluna deyir: – Get Bədələ deynən, Aşıq Süleymanı da götürsün, bizə gəlsin, Cəfər atasının təklifini Aşıq Bədəl ilə Aşıq Süleymana çatdırır. Süleyman deyir: – Get atana de ki, mən bura xəstə yoxlamağa gəlməmişəm, gələ bilirsə, o dursun bura gəlsin. Süleymanın bu hərəkəti Aşıq Səmədə pis təsir edir. Gecəynən bu əhvalatı çatdırırlar Zərnigara, həmin saat Zərnigar Aşıq Səmədə bu məzmunda bir namə göndərir. Zərnigar Kəlamı mənalı, zəkalı ustad, Sən rüsxət ver, o nadana toxunum! Yeddi yerdən sərin salım kəməndə; Yolun azmış qəlbi- qana toxunum. Nə rəvadır xənnas gələ minaya. Fəryad edə Həcər düşə bəlaya. Bir yol açım ərşə görsə səmaya. Möcüzatta bir məkana toxunum. Dəyişməzdi Zərnigarın ilqarı, Alovlara çatıb neçə yonqarı, Əynimə geyinim zireh paltarı, Naxçıvanlı Süleymana toxunum. Ustad Səməd naməni oxuyanda ağlayır. Oğlu Cəfərə deyir: – Tez atımı yəhərlə, get Qarabağ yaylağına, Mırtılı Hacı Cəfərin obasını tap, Valeh orda olacaq, olmasa da harda olduğunu Hacı biləcək. Bu əhvalatı çatdır Valehə. Denən ki, tez gəlsin, əlavə edir ki, kağız-qələm al, dediyim sözləri yaz. Görək Səməd nə deyir: Səməd Qəhri -qəza məni yaman xar etdi, Yet haraya Valeh, yaman haldayam. Ömrüm bağın boran etdi, qar etdi, Yet haraya Valeh, yaman haldayam. Ustad tək dillərdə əzbər idim mən, Hər xilqər hesablı bir sər idim mən, Qatar qabağında bir nər idim mən, Köç qayıdıb geri, indi daldayam. Naxçıvanlı sərsəm aşıq Süleyman Gəlib, bizim ilə açmağa meydan. Görməmişəm hələ mən belə dövran. Fikrim dağılıbdı qeyri -qaldayam. Səmədi xəstəlik salıbdı haldan, Bol edib payını bu ahu-zardan. Xəyalı düşgünü gəl qurtar dardan, Yatıbdır talehim, bu əhvaldayam. Söz tamama yetdi. Əlavə, Səməd belə bir bayatı çağırıdı, oğlu Cəfəri damın üstünə çıxardır. Bir quşudum uçdum, gəl. Öz yuvamdan köçdüm gəl. De hardasan ay, Valeh? Yaman günə düşdüm, gəl. Söz tamama yetən kimi, Ustad Səmədin qulağına yaxından bir səs gəldi: Əziziyəm, bildim hey, Dərd əlindən güldüm hey. Qəm eyləmə, can ustad, Mən burdayam, gəldim hey. Bir anda Aşıq Valeh qapıdan girdi, Səmədi qucaqladı, dedi: – Ustad, mən erkən Şuşaya çatmışdım, Allahqulu xahiş etdi ki, gecəni onlarda qalım, onlar üçün çalıb-çağıram. Qaldım çağırdım, qurtaranda dedilər ki, bəs, Naxçıvanlı Aşıq Süleyman siznən deyişmək üçün sizin kəndə getdilər. O dəqiqə atı mindim, çıxdım yola, İndi gəldim, çatdım. Səməd dedi: – Valeh aşıq, Süleymanın başına bir çatı bağla çəkə-çəkə mənim hüzuruma gətir. Valeh dedi: – Arxayın ol, İnşallah dediyin kimi olacaq. Səmədnən Valehin bayatıları yatanları yuxudan oyatdı. Elə ki, açıldı səhər mərəkə düzəldi. Aşıq Süleyman və Aşıq Valeh sazları əlində gəldilər, girdilər deyiş meydanına. Görək nə deyirlər: Aşıq Süleyman Ulu Naxçıvandan düşmüşəm yola, Qarabağa qar üstünə gəlmişəm. Dedilər, Qarabağ Şahin yurdudur, İndi bildim, sar üstünə gəlmişəm. Aşıq Valeh Yaşlı quzğun, düz yolunu azmısan, Özün şir xor nər üstünə gəlmisən. Hərbə -zorba gəlmə, hünərdə kəmsən. Qorxu bilməz ər üstünə gəlmisən. Aşıq Süleyman Qorxudan ustadın olubdu xəstə, Cəsarəti yoxdu söz ala dəstə. Yorğan altda deyir qəmli şikəstə, Qəlbi ağlar zar üstünə gəlmişəm. Aşıq Valeh Ustadım kamildi, elmi dərindi, Kamalı dəryadı, elmi dərindi. Kəmənddə boğulan sənin sərindi, Hazır ovsan, şir üstünə gəlmisən! Aşıq Süleyman Süleymana gəl hədyan söyləmə, Fəryad edib, bağrın başın teyləmə. Qürrələnib, bığlarını piyləmə, Bir zülmətəm, kor ütsünə gəlmişəm. Aşıq Valeh Aşıq Valeh bir səyyahdır xilqətə, Bələdçidir hər keçid, hər xislətə. Tövbə eylə, qol bağla gəl minnətə, Kəramətli pir üstünə gəlmisən. Aşıq Süleyman Mən gəlmişəm Qarabağdan bac alam, Köpüklü çay kimi coşaram indi. Aslan meydanında quzu mələyir, Bu işə mat qalıb, çaşaram indi. Aşıq Valeh Çaylar udan dərya kimi dolmuşam, Təlatüm eyləyib, daşaram indi. Tumarlayıb, əl ataram guşinə, Tutub kəl yerinə qoşaram indi. Aşıq Süleyman Məşhuram hər yerdə əsli-zatım var, Hamı dostdur, nə düşmən, nə yadım var, Bir ustadam, bu sənətdə adım var, Söz duyan qəlblərdə yaşaram indi. Aşıq Valeh Geniş dünya bu gün sənə dar olar, Qulaq batar, görən gözün kor olar, Şənlik qaçar, qəlbin ahu -zar olar, Tatarı qatara qoşaram indi. Aşıq Süleyman Aşıq Süleymanam, tanı, bil məni, Tükənməz dərdlərə salaram səni. Tökərəm yurduna dumanı, çəni, Yel olub, dağlardan aşaram indi. Aşıq Valeh Aşıq Valeh zərbə vurar, belindən, Nitqin batar, kəlmə çıxmaz dilindən, Ağlın itər, sazın gedər əlindən, Səni bu sənətdən boşaram indi. Sözlər tamama yetdi, aldı Süleyman dübarə: Aşıq Süleyman Cavan oğlan, çox hədiyan danışma, Hər sözü sanballı bir ustadam mən. Sənət meydanında hay-haray salıb, Aşıqlar ovlayan bir səyyadam mən. Aşıq Valeh Mehriban dostuyam, kalam əhlinin, Çaşqın nadanlara tamam yadam mən. Xilqəti duyanlar can sirdaşımdı, Azğınlar qəlbində bir fəryadam mən. Aşıq Süleyman Adı mahallarda dolansan yek, sər, Çətindi tapıla mənə barabər. Fikiri -dəryayam, sözləri gövhər, Cahan tarixində məşhur adam, mən. Aşıq Valeh Aqil demək olmaz, hər ağlı səyə, Açıq başın tab eyləməz dəynəyə. Qanadın alışar, çıxma yüksəyə, Buludlar oynadan dolu badam, mən. Aşıq Süleyman Aşıq Süleymanam hesabi -həfdə, Əlsə aləmində olmuşam səfdə, Dərsimi almışam əsabi-kəfdə, Arzular duyğulu, qəlbi şadam mən. Aşıq Valeh Mən Aşıq Valehəm, hesabı pəncəm, Əl çatmaz zirvəyəm, görünməz küncəm, Zənn etmə savadsız, hünərsiz gəncəm, Dara düşənlərə bir imdadam mən. Aşıq Süleyman ha özünü bərkitdi, söz deyə bilmədi. Aldı aşıq Valeh görək nə dedi: Aşıq Valeh Coşqun aşıq bəxtin onda yatıb ki, Meyil edib, bu güzara gəlmisən. Bədnam olmaq sənə haqdan yazılıb, Saz götürüb, bu diyara gəlmisən. Aşıq Süleyman Əvvəldən hər işi ölçüb, biçmişəm, Çox yaxşı bilirəm, hara gəlmişəm. Adlı ustadları zay etmək üçün, Saz götürüb, bu diyara gəlmişəm. Aşıq Valeh Kamallı ustadlar elmin -məkandı, Ərşə cərəyan verən hansı təkandı? Mərifət satılan hansı dükandı? Hansı varla, bu bazara gəlmisən? Aşıq Süleyman Kim öyrənsə bütün elmi- fəndini, Aça bilər bu düymələr bəndini. Mahirsən, atmağa söz kəməndini, Olacağa yoxdur çara, gəlmişəm. Aşıq Valeh Valeh söz açmamış gizli qəfəsdən, Zavallı tufandan, odlu nəfəsdən, Zorlu aşıq nə tez düşdün həvəsdən, Sən düşmüsən pis azara, gəlmisən. Aşıq Süleyman Süleymanam, İraqdadır mahalım, Qəriblik əl verdi, dəyişdi halım, Pozuldu növrağım, çaşdı xiyalım, Şadlıq keçib, ahı- zara gəlmişəm. Sözlər tamama yetdi, aldı Valeh dübarə, görək nə deyir: Aşıq Valeh Sənət meydanında ismi -xar olan, Bir əlif de, onda cahan var olsun. Yeddi kəlmə düzəlt səkkiz içində, Tufan olsun, bahar olsun, qar olsun! Söz cavabsız qaldı, Aşıq Valeh, aldı dübarə: Bir hesab tap, çahar şeştə yazılsın, Təzələnsin, köhnə tarix pozulsun, Hər birində yeddi məna yozulsun, Hökm olunsun, divan olsun, dar olsun! Aşıq Valeh, bu hesaba cəm bilir, Suda atəş, nar içində nəm bilir, Anlamazdı, hər kim desə kəm bilir, Matəm tutsun, günü ahu -zar olsun. Sözlər tamama yetdi, Aşıq Valeh Aşıq Süleymanı şagirdləri ilə birlikdə apardı, Ustad Səmədin yanına. Süleymanın şagirdləri cavan idilər. Səməd gördü ki, şagirdlər bərk qorxu keçirirlər, xeyli dinmədi, aldı görək ustad Səməd nə deyir: Ustad Səməd Bu qoca dünyada yox ömrə vəfa, Görən olacaqdı nələr, dünyada?! İnsan olan şirin-şirin danışar, Heyvan olan gedər, mələr dünyada! Üstündən el keçmiş dağlar görmüşəm, Çapılmış, talanmış bağlar görmüşəm, Mənəm deyənləri, ağlar görmüşəm, Kimi ağlar, kimi gülər dünyada! Yeddi yeyər, səkkiz çəkər, beş mələr, Mənəm deyənlərin yurdu heç mələr. Qaynar bulaq axan çaylar, çeşmələr, Necə olacaqdı, sular dünyada? Səməd ki, var bir quruca cəsəddi, Ölümkü var, o hamıya qismətdi. Çarxı fələk, bəs bu necə mürvətdi? Cavan oğlanlar da ölər dünyada. Söz tamama yetdi, Səməd dedi: – Süleyman, səni bu şagirdlərinə bağışlayıram. Aşıq Süleymanın sazını əlindən aldılar, soyulmuş tacir kimi yola saldılar. * * * Aşıq Valeh ilə aşıq Feyruzun deyişməsi Türkiyə Soltanlığında Feyruz adlı məşhur, ustad bir saz aşığı olur. Bir gün soltanın qonaqlıq məclisində Feyruzun çalıb-çağırması çox xoşa gəlir. Soltan deyir: – Aşıq Feyruz bugünkü məharətinə görə sənə nə versəm məndən razı qalarsan. Feyruz fürsəti fota verməyərək deyir: – Soltan sağ olsun 70 kəndin ağalığını mənə versən, ömür boyu sənə qul olaram. Bu ağır şərtdən yaxa qurtarmaq üçün Soltan deyir: – Aşıq Feyruz əlinə sənəd verəcəyəm, burdan keç Azərbaycana. Azərbaycanın hər mahalında meydan açıb, qalib gəlib, bağladığın ustadların sazlarını mahal ağasının sənədi ilə mənə təqdim etsən, sənə 70 kəndin ağalığını verərəm. Bu məqsəd ilə aşıq Feyruz Azərbaycanın bir neçə mahalında üstünlük əldə edəndən sonra Şuşa qalasına gəlir. Xanlıqdan əhvalatı aşıq Valehə çatdırırlar. O vaxt aşıq Valehin 80-dən yuxarı yaşı olur. Zərnigar və nəvələri Valehin bu meydana getməsinə razı olmurlar ki, qocalmısan indiyənə qədər qazandığın adını batıra bilərsən. Valeh deyir: – Məndən qorxmayın, nə qədər qoca olsam bir Feyruzluq biliyim qalar. Valeh sazını götürüb Şuşaya gedir. Xanın tapşırığı ilə şəhər sakinləri aşıq Valehi yaxşı qarşılayırlar. Aşıq Feyruz bekaflayır. Valeh xəbər alır, Feyruz nə üçün kefsizsən? Feyruz deyir, qəriblik mənə əl verdi. Valeh deyir: Qəriblik sənə əl verdisə mərəkəni İstanbula salaq, bu ünvanla belə şərtləşirlər. Aşıq Feyruz Aşıq Valehə üstün gəlsə, qələbə ilə vətəninə gedəcək, əgər Aşıq Valeh Aşıq Feyruza üstün gəlsə Feyruzun öz sazını və mahallardan aldığı sazları da Feyruzdan alıb, karvanı soyulmuş tacir kimi yola salacaq. Bu şərtləri Mehdixan təsdiq edəndən sonra açıq meydanda deyişmə başlayır. Aşıq Feyruz Hər mahalın bir bazarı, bəzirganı qanan gərək, Bərə güdüb, yol kəsməyə pəhləvanı - cahan gərək. Ərlər kimi zərbə çala, hər zərbəyə tab gətirə. Qorxmaya, çəkinməyə qopsa hər cür tufan gərək. Aşıq Valeh Hünərdən kəm olanlar, heç açmaya meydan gərək, Ağıldan sərsərilərə tez verəsən dərman gərək. Gələcəyi başa düşən əvvəlcədən əsib-coşmaz, İşarədən söz qanmağa insan oğlu insan gərək. Aşıq Feyruz Sizin yerlər səfalıdır, aranında yay olmasa, Boz səhralar çiçək açmaz, köpüklənmiş çay olmasa, Mərd igidlər ad qazanmış bərabəri tay olmasa, Uzaq səhra mənzilinə səhra görmüş sarvan gərək. Aşıq Valeh Hər mahalın bir adəti, hər inamın bir adı var. Hər bitkinin bir turşusu, hər nemətin bir dadı var, Hər nadanın bir oxşarı, hər igidin bir zatı var, Azmış pələng bərəsində acıqlanmış aslan gərək. Aşıq Feyruz Aşıq Feyruz söz veribdir, bu mahaldan bac almağa, Aşıqları ağlar qoyub, şairlərdən tac almağa, Sənətiylə ad qazanb, məşhur olub, ucalmağa, Qarabağın mərkəzində qursun bu gün divan gərək. Aşıq Valeh Bu mahal bac verməyib, yaranandan bac alıbdır, Sənətkarı pəhləvantək zərbə çalıb, tac alıbdır. Güman etmə karan düşüb, Aşıq Valeh qocalıbdır, Buludlara ucalmağa qanad çalsın tərlan gərək. Söz tamama yetdi. Aldı Feyruz dübarə: İkinci deyişmə Aşıq Feyruz Qarabağ elinin səfası xoşdur, Qəriblər güldürən yar bu yerdədir. Sahili sərxoşdur, bağbanı qoca, Yadlara satılan nar bu yerdədir. Aşıq Valeh Hünər diyarıdır Qarabağ eli, Sərsəri mehmana dar bu yerdədir. Sahibi sərkardır, bağbanı mahir, Qeyrət bu yerdədir, ar bu yerdədir. Aşıq Feyruz Sahilsiz ümmana susuz göl deyən, İşarə altında mətləb bir deyən, Yad bağbana göz eyləyib gəl deyən, Ətirli, şəkərli bar bu yerdədir. Aşıq Valeh Hoqqabaza cəzasını bildirən, Dərdin böhran edib, qəmdən güldürən, Yolun azanları nakam öldürən, Boran bu yedədir, qar bu yerdədir. Aşıq Feyruz Aşıq Feyruz bir ölkənin nəridir, Güman diyarıdır, pənah səridir, Mahal gəzir, sənətinin əridir, Qanadı qırılmış sar bu yerdədir. Aşıq Valeh Aşıq Valeh düşüncədə dar olmaz, Qocalmaqla tülək tərlan sar olmaz, Həyasızda ismət olmaz, ar olmaz, Hünər bu yerdədir, kar bu yerdədir. Söz tamama yetdi, Aldı Feyruz dübarə: (Üçüncü deyişmə) Aşıq Feyruz Könül nuş eylədi eşqin camını, Təzə bir aləmdə gəzərəm, kişi, Bağ salaram, budaqarı bar verər, Yarpağın güllərlə bəzərəm, kişi. Aşıq Valeh Mahir bir qəvvasam eşqin bəhrinə, Qol atıb, hər yana üzərəm, oğlan. Yüz min tufan qopub, təlatüm ola, Dalğalar qoynunda süzərəm, oğlan. Aşıq Feyruz Görünməz ləpirim, kor bilməz yolum, Dayanmaz ayağım, yorulmaz qolum, Dəyişməz əhvalım, pozulmaz halım, Pünhanlar qoynunda süzərəm, kişi. Aşıq Valeh Day çatarmı köhlən yoran səməndə, Boz sərçələr kəklik olmaz çəməndə, Bixəbərsən sərin keçib, kəməndə, Nə axtarıb, nə də gəzərəm, oğlan! Aşıq Feyruz Aşıq Feyruz hər meydanda baş qalar, Dərinə addasa sərin çaş qalar, Qəlbin ağlar, gözlərində yaş qalar, Əlini hər yandan üzərəm, kişi. Aşıq Valeh Nabələdsən, keçid yolun pünhandı, Şeirbazlar əhli- ruhdu, insandı, Aşıq Valeh gupbul görmüş zindandı, Bir çəkic zərbinə dözərəm, oğlan! Söz tamama yetdi. Aşıq Feyruz hər nə qədər fikirləşdi, yenə söz tapa bilmədi. Aldı Valeh görək nə dedi: (Dördüncü deyişmə) Aşıq Valeh Aşıq Feyruz, vətənindən kənarda, Neçə ustad meydanına düşmüsən? Neçə hesab vacehini anlayıb, Neçə xilqət fərmanına düşmüsən. Əziziyə keçə nə? Əvəz ola keçənə! Hansı loğman yan deyir, Ömür şamı keçənə. Aşıq Feyruz Aşıq Valeh, vətənimdən kənarda, On bir ustad meydanına düşmüşəm. Doqquz hesab vacehini anlayıb, On beş xilqət fərmanına düşmüşəm. Əziziyəm düşə nə, Atlana nə, düşə nə. Maldan qurban nə gərək, Eşq oduna düşənə. Aşıq Valeh Hansı mahal bərəsində dolaşdın, Hara keçid tapdım, hara yol aşdın. Neçə ümman dalğasında qol açdın, Neçə həyat dövranına düşmüsən. Əziziyəm qaradır, Süddən ağdır, qaradır. O nədir ki, oxdan düz? Kömürdən də qaradır? Aşıq Feyruz Göyçə mahalında bir az dolaşdım, Divanidən təcnisə də yol açdım, Altı ümman dalğasında qol açdım, İki həyat dövranına düşmüşəm. Əziziyəm daldadı, Hünər yeri daldadı, Dəli könül, mərd dayan, Ağır meydan daldadır. Aşıq Valeh Aşıq Valeh nələr desin halına, Nabələdsən gizli xilqət yoluna, Aldanmısan eşqin şərbət balına, İndi tilsim böhranına düşmüsən. Əziziyəm dərindi, Dayaz deyil, dərindi On səkkizi üçə böl, Bağbanısan, dər indi! Aşıq Feyruz Aşıq Feyruz qəribdir bu mahalda, Dost görmüyə, barı məni, bu halda, Arzularım nakam qaldı xəyalda, Qaf dağının boranına düşmüşəm. Əziziyəm el gərək, Dolanmağa el gərək. Qürbət eldə xar oldum, Oldu mənə el gərək. Söz tamama yetdi. Aldı aşıq Valeh görək nə deyir: Aşıq Feyruz kamalına badə ver, Üç altının diyarından söhbət aç. Cahar şeşdin mənasını yozginən, Həfti pəncin bazarından söhbət aç. Feyruz sözlərini mənalaya bilmədi. Aldı Valeh dübarə: Otuz altı hansı bağman barıdı? Yetmiş iki hansı bina tağıdı? Eşqin yağı hansı məhsul yağıdı? On dörd alim güzarından söhbət aç. Aşıq Valeh yol açmadı dərinə, Hansı hesab toplamısan sərinə? Qol bağla gəl, kamil ustad dərinə, On beş alim baharından söhbət aç. Söz tamama yetdi. Aşıq Valeh dedi: – Aşıq Feyruz sazına, sənətinə toxunmaram, bu şərtlə sənə bir neçə söz deyəcəm. Onu İstanbul paşasına çatdırarsan. Feyruz dedi: – And olsun ustadlar kalamına, hər nə desən birə - bir soltana çatdıraram. Aldı Valeh: Feyruz, söylə İstambul paşasına, Qarabağın çox dəyərli adı var. Dostlar üçün səfalıdır hər yanı, Düşmən üçün min tufanı, badı var. Bir yanı Gəncədir, bir yanı Şirvan, Bir yanı arazdır, bir yanı Muğan, Dağları kəklikdir, düzləri ceyran, Gözəl ləzzəti var, şəkər dadı var. Bu torpağa kim əl atsa xar olar, Geniş dünya gözlərinə dar olar, Günü qara, işi ahu-zar olar, Bu ellərin köməyi var, dadı var. Ərdəbilli aşıq Mahmud zay oldu, Məsum Əfəndinin yaşı çay oldu, Naxşıvanlı Süleymana tay oldu, Bu mahalda şairlər evladı var. Ustad Səməd sənətdə bir dağ idi, Kələntərli Alı fəndli bağ idi, On il qabaq Molla Pənah sağ idi, Valeh kimi aşiqlər ustadı var. Söz tamama yetdi. Feyruz mahallardan aldığı sazları aşıq Valehə təqdim etdi. * * * Aşıq Valehlə Məsum Əfəndinin deyişməsi Məsum Əfəndi Kəndinə laf edib, şairəm deyən, Sualımın qabağında döz indi. Diksinmə, çəkinmə, qısqanma, qorxma. A1 sualın, ver cavabın tez indi. Aşıq Valeh Bilsəydik mahalı bəndə salıbsan, Eh billah, gəlməzdik bura biz indi. Diksinmərəm, qısqanmaram, qorxmaram, Xəbər alsan o sualdan yüz indi. Məsum Əfəndi O kim idi, getdi həraya qurban, O kim idi, doğdu bir neçə oğlan. O kim idi, əzəl etdi nahaq qan, Nə səbəbdən?.. arasında gəz indi. Aşıq Valeh Cəbrayıl gətirdi ülfətə qurban, Həvva-ana doğdu yüz səksən oğlan. Habili Qabil öldürdü, etdi nahaq qan, Adəm verməmişdi ona qız indi. Məsum Əfəndi O kim idi, rükət-namazı qıldı, Neçə il orada xidmətdə qaldı, Neçə min mələyə xidmətkar oldu, Axırda da danışmadı düz indi. Aşıq Valeh Mələk tavıs min rükət namazın qıldı, Səksən min il orada qiyama durdu. Səksən min mələyə xidmətkar oldu, Oldu şeytan, danışmadı düz indi. Məsum Əfəndi O kimdir ki, əlləri var neçə min? Hər əlində barmaqları neçə min? Hər barmaqda qələm çalar neçə min? Bunu bilən aşığa yox söz indi. Aşıq Valeh Cəhənnəm maliki əli yeddi min, Hər əlində barmaqları yeddi min. Hər barmaqda qələm çalır yeddi min, Onu nə biz görürük, nə də siz indi. Məsum Əfəındi Məsum Əfəndiyəm sahibi-qüdrət, Harada danışdı min kəlmə xəlvət. O nə idi verdilər ona zər-zinət? Aşıqsansa bu sözlərə döz indi. Aşıq Valeh Valehəm, Məhəmməd sahibi-qüdrət, Meracda danışdı min kəlmə xəlvət. Mələklər Behiştdə verdilər zinət, Onun ərkanında quluq biz indi. * * * Aşıq Valehlə Zərnigarın deyişməsi Birinci deyişmə Aşıq Valeh Gəl ey səadəti puç edən fərman, Sənin hüzurunda baş əyən mənəm. Təbibsiz xəstəyəm, düşmüşəm haldan, Yaralı qəlbinə ox dəyən mənəm. Zərnigar Öyrəndim tarixi, bildim keçmişi, Bəd gündə anadan doğulan mənəm. Gəmisiz, lödkəsiz, ümüd, pənahsız, Sahilsiz ümmanda boğulan mənəm. Aşıq Valeh Əvvəldən dünyanın yoxdur vəfası, Əcəl şərbətinin budur səfası. Ağlatdı qəlbimi matəm cəfası, Sevdalı sərinə daş döyən mənəm. Zərnigar Qəhri-qəza hünərini bildirib, Qəm yerinə şadlığımı sildirib. Umudumu, pənahımı öldürüb, Kökündən tufağı dağılan mənəm. Aşıq Valeh Valehəm, baharım çovğun, qar oldu, Belim sındı, qulaqlarım kar oldu. Dilim batdı, görən gözüm kor oldu, Axirət libasın tərs geyən mənəm. Zərnigar Zərnigaram, canım odda, zavalda, Düşman ağlar, məni görsə bu halda, Qürbət vilayətdə, qərib mahalda, Şənlik sırasından qovulan mənəm. İkinci deyişmə Aşıq Valeh Gəştə çıxan, ay vəfalı nazənin, Gəşt eləyib nə havalı gəzirsən? Bir neçə aşığı bəndə salıbsan, Götürübsən muzd-babalı gəzirsən. Zərnigar Bahar əyyamıdı, hicrət çağıdı, Gəşt eləyib mən havalı gəzirəm. Otuz doqquz aşıq bəndə salmışam, Götürmüşəm muzd babalı gəzirəm. Aşıq Valeh Bu dünya dediyin bir bivəfadı, Ona əlac yenə zövqü-səfadı. Yarsız gəzmək sənə xeyli cəfadı, Eyləyibsən nə xəyalı, gəzirsən? Zərnigar Xaliqi-ləmyəzəl, vahidi-yek tay, Veribdi qüdrətdən mənə camal pay. Gəlməz bu əsrdə mənə aşıq tay, Tamam ol İran, Turanı gəzirəm. Aşıq Valeh Valeh kimi gəzmə ahüzarınan, Gövhəri sərf eylə xiridarınan. Sən də qovuş bir münasib yarınan, Bülbül kimi növbaharı gəzirsən? Zərnigar Saldırram boynuna zincirdən kəmənd, Tikdirrəm başından minarə bülənd. Adım Zərnigardır, məkanım Dərbənd, Valeh kimi novcavanı gəzirəm! Üçüncü deyişmə Zərnigar Qarabağdan do eləyib gəlmisən, Yer üzündə mən İsayam, sən nəsən? Öz əlinlə yaxşı yıxdın evini, Həqdən gələn bir bəlayam, sən nəsən? Aşıq Valeh Ay nazənin, şagirdlərin ustadı, Hamı bilir mər yektayam, sən nəsən? Dərsimi almışam kamil ustaddan, Eşq içində dolu payam, sən nəsən? Zərnigar Çoxların salmışam xaki-turaba, Sualımdan aciz qalıb cavabı. Səni də pay göndərəcəm torpağa, Bu əyyamda mən dəryayam, sən nəsən? Aşıq Valeh Çox sən tək gözələ əl eylərəm mən, Aparıb özümə mal eylərəm mən. Dəryanın üzündən yol eylərəm mən, Mərifətdə mən Musayam, sən nəsən? Zərnigar Zərnigaram, səni çəkərəm dara, Başından tikdirrəm qala, minara. Bir kəs varmı edə dərdinə çara, Həqdən gələn bir sevdayam, sən nəsən? Aşıq Valeh Ustadım Səməddi, sakini-Abdal, Əgər üzün görsən olar dilin lal. Valehəm, Hafizə vermərəm camal, Mən ona kərraham, söylə sən nəsən? Dördüncü deyişmə Zərnigar Bizdən salam olsun aşıq Valehə, Əgər aşıq isən, gəl, eyləyək cəng. Görək ki, kim-kimi verir zavala, Kim-kimin əlində mat oldu diltəng. Aşıq Valeh Al cavabın, deyim Zərnigar xanım, Mənəm aşıqlarda bir ağırça səng. Zərrəcə yerimdən tərpədə bilməz, Yığılsa Rum, Qeysər, ta Hindü-Firəng. Zərnigar Əcəl səni salıb əcəb bu girə, Sənin də gərdənin keçər zəncirə. Üç gündən bir çörək verərəm cirə, Yanar əhvalına dəryada nəhəng. Aşıq Valeh Aşıq olan özün sənə bab etməz, Sədamı eşidən gecə xab etməz. Dəmir zəncir eşq oduna tab etməz, Gəl mənə bağlama sən topu-tüfəng. Zərnigar Qoymaram yetəsən səni yarına, Bir təpiyim dəyər burcu-barın, Çökər bir qaranlıq ruzigarına, Aşıqlar başıyam mənəndi-pişəng . Aşıq Valeh Qurban olum sənin kimi məstana, Zərb ilə söyləmə, danış miyana. Kəllə gərək bu meydanda dayana, Aslan davasına tab etməz pələng. Zərnigar Meydana gətirib səni də əcəl, Çəkərsən əlimdən yüz cəngi-cədəl. Zərnigaram, sabah meydanıma gəl, Bu bir sözdü, sənə mən elədim rəng. Aşıq Valeh Mərd gözəlsən, doğub səni mərd ana, Sən Zənansan, mənəm iyid mərdana. Valehəm, sinəmi qoydum nişana, Atsın yüz kamandar min tiri-xədəng. Beşinci deyişnıə Zərnigar Bizdən salam olsun Aşıq Valehə, Əzəl nə şey xəlq eylədi sübhanı? Neçə şeylər ondan oldu aşikar, Yaratdı sifəti, namı, nişanı. Aşıq Valeh A1 cavabın deyim, Zərnigar xanım, Əzəl bir dürr xəlq eylədi sübhanı. Cəmi aləm ondan oldu aşikar, Yaratdı sifəti, namı, nişanı? Zərnigar Söylə görüm, nədir yerin əsası, Nə üstündə qərar tapıb durası, Neçə ildi yerlə göyün arası, Nədən xəlq etdilər, həft asimanı? Aşıq Valeh Eşit, bir balıqdı yerin əsası, Kav üstündə qərar tapıb durası. Səksən min il yerlə göyün arası, Nurdan xəlq etdilər həft asimanı. Zərnigar O kim idi, kimdən qorxuban qaçdı, Neçə il orada xaba uğraşdı. O kim idi onlar ilə qarışdı, Adları nə idi, ismi-bayanı? Aşıq Valeh Dəgyanus tanrıdan qorxuban qaçdı, Yüz səksən il orda xaba uğraşdı. Qəmər idi, onlar ilə qarışdı, Əsabi Kəhf etdi, ismi-bəyanı. Zərnigar Zərnigaram, bilmək olmaz sanını, O kim idi yumadılar qanını, O kimdi alar özü-öz canını, O kim idi öldü, dirildi canı? Aşıq Valeh Valehəm, ulduzun bilməzlər sanın, Ərənlərin heç vaxt yumazlar qanın. Əzrail alacaq özü öz canın, O Cərcisdi , öldü dirildi canı. Altıncı deyişmə Zərnigar Qarabağdan do eyləyib gəlmisən, Azad elə sözlərinlə günahı, Arif olub, hikmətləri bilmisən, Sənə gəlir aşıqların pənahı. Aşıq Valeh Qarabağdan do eyləyib gələndə Heç çəkmədim mən könüldən bu ahı, Aşıqların deyil xilası məndən, Azad eylər bəndəsini ilahi. Zərnigar O nə şeydir on iki qılçası var, Hansı bir bazarın üç küçəsi var, Altı min altı yüz nə xocası var, Kimin sözlərinin de binası var. Aşıq Valeh İlin aydan on iki küçəsi var, Bir ilimiz üç bayrama ayrılar. Üç yüz altımış gün deyir hesabdar, Altı min altı yüz vaxt namazı var. Zərnigar O kim idi yeddi göy qədər gücü var, On iki kor oğlu, on iki hacı, Əlli min əlli yüz qırx dörd kərpici Onu dastan tutanın ustası var. Aşıq Valeh On iki imam var, on iki hacı, O həzrət Əlidir, yeddi göy gücü, Kəbənin əlli min qırx dörd kərpici, İbrahim tək onun bir ustası var. Zərnigar O kim idi dilsizləri dindirir, Tarı günü az bir zaman güldürdü, Ölümün binasın neydi bildirdi. Əldə gəzən kimin qızıl tası var. Aşıq Valeh O həzrətdi dilsizləri dindirir, Tanrı Aşıq Qələmi az güldürdü, Habilin dəfnini qarğa bildirdi, Qəribin əllərdə gəzən tacı var. Yeddinci deyişmə Aşıq Valeh Səndən xəbər alım, Zərnigar xanım, Əvvəlki mətləbin, kamın neçədi? Nə ilə kamilsən, nə ilə naqis, Mürdə-zində sərəncamın neçədi? Zərnigar A1 cavabın, deyim, ay aşıq Valeh, Əvvəlki mətləbim, kamım ikidi. Ədəbli kamildi, ədəbsiz naqis, Mürdə-zində sərəncamım ikidi. Aşıq Valeh O nədi ki, batinində nazirdi, O nədir ki, vücudunda hazırdı. O nədi ki, şəbi-zildə2 zahirdi, Bundan artıq dolu camın neçədi? Zərnigar O tanrıdı, batinində nazirdi, O uşaqdı, vücudunda hazırdı. Dörd kitabı şəbi-zildə zahirdi, Bundan artıq dolu camım ikidi. Aşıq Valeh Mən Valehəm, neyləmişəm neyləyim, Bir əliflə bir qaf neylər, söyləyin. Tökün kitabları, hesab eyləyin, O nədi ki, demək olmaz ikidi? Aşıq Valeh Aşıq olan sözün açıq söyləyər, Yüz min naşı bir kamilə neyləyər? Bir əlifdə bir qaf min bir eyləyər, Ad yiyəsi demək olmaz ikidi. * * * Valehlə Zərniyarın deyişməsi Zərniyar: O necə şəhərdir, on iki bazar, Qırx səkkiz məhəllə, üç küçəsi var. Üç yüz altmış altı hücrəsindədir, Altı yüz iyirmi min həm xacəsi var. Valeh: Bir ilin içində on iki aydır, Qırx səkkiz həftəsi, üç bayramı var. Üç yüz altmış altı gün hesabıdır, Altı min yüz iyirmi vaxt namazı var. Zərniyar: O necə şəhərdir, on beş çırağı, Doqquz bağbanı var, on iki bağı. Müttəsil pərgardır onun otağı, Qapısın açanın nə ixlası var? Valeh: Suliddin, Firuddin on beşdir hamı, Doqquz yol oğludur on iki imamı, Müttəsil pərgardır cənnəti, damu, Möminin behiştdə çox ixlası var. Zərniyar: Altı min yüz iyirmi onun dükanı, On yeddi mənzildir yarın məkanı, Necə pəhləvandır, yaxlayan onu? Tap görüm, sözümün nə mənası var? Valeh: Altı min yüz iyirmi namazdır bir il, On yeddi rikətdir bir gün, yəqin bil, Yeddi əzan yerə dəyər mütəssil, Mən deyim sözümün bu mənası var. Zərniyar: Altı min, altı yüz, altmış altıdı hacı, On dörd ovçusu var, var onun gücü, Səkkiz min altı yüz qırx dörd kərpici, Onu yalqız yapanın nə bənnası var? Valeh: Altı min, altı yüz, altmış altıdı ayə, On dörd səcdə tapar, onda hidayə, Səkkiz min altı yüz qırx dörd sühayə, Onu yalqız yapanın bir Allahı var. Zərniyar: Yüz on dörddə yəqin eylərəm şükür, Yüz bir dərviş orda eyləyər zikir, Bu Zərniyar sənə çəkər bir fikir, Şəfiəl məzlum tək həm ağası var. Valeh: Yüz on dörddür yəqin sureyi-Quran, Yüz bir təsbeh edər zikri ya sübhan, Valehə kömək ol, ya Şahi-Mərdan, Bu əmrdə küllü müddəası var.” * * * Aşıq Qənbərlə aşıq Valehin deyişməsi Aşıq Qənbər Deyirlər sənəti tövbə etmisən, Barı ziyarətin qəbul oldumu? Deyirdin ölüncə eşqim azalmaz, Ömrünün gülşəni qəfil soldumu? Aşıq Valeh İnsan da şadlığa tövbə edərmi? Sazsız ziyarət də qəbul olarmı? Can nə qədər sağdır, eşq içindədir, Baharın qoynunda gül də solarmı? Aşıq Qənbər Söz yaraşmaz bundan belə adına, Çatan olmaz harayına, dadına. Etdiyin tövbəni gətir yadına, Qaynadı, peymanın axır doldumu? Aşıq Valeh Saz adımla tarixinən qalacaq, Əhvalımı ellər xəbər alacaq. Yalançıya tövbə qənim olacaq, Çaylar tökülməklə ümman dolarmı? Aşıq Qənbər Qənbər deyər, duman çıxır sərindən, Dəyirman tək oynamışam yerimdən. Bu sözü eşitdim Molla Kərimdən, Belə böhtan mollalarda boldumu? Aşıq Valeh Eşq əhliyəm, hər əməli salehəm, Küskün, kəsalətli, oyaq taleyəm. İsmim Səfi, özüm aşıq Valehəm, Tövbə edən telli sazı çalarmı? * * * Aşıq Valehin Qənbərə cavabı (birinci cavabı) Sən tək təbibin gözləri azarə düşərmi, Yazdan bir ay ötmüş. Bir göz ki, qırov olmaya kor qara düşərmi, Azardı bu batmış. Korluq sənə bu bəxtində, biçarı, düşərmi, Sinnin ola yetmiş. Qənbər kimi gözün aya, pürkarə düşərmi? Söz yerini tutmuş. Öz nüsxən olub indi sənin özgəyə isbat Tut səni məni məzur. * * * Aşıq Valehin Qənbərə ikinci cavabı (ikinci cavabı) Bu təbi-təbabətliyi bir kəs bilə haşa, Ey Qənbəri-məcnun, Dərmanlarını görsə qalır məhzi müğəvva Loğmani əflatun. Gözdən və nəzərdən səni hifz eyləyə mövla Danayi -pürəfsun. Bir sən kimi kəhhal dəxi xəlq etməyib əsla Ol qadiri - biçun? Qırx yeddi qələm göz davasın eyləyə peyda. Gözdən özü məğmun. Allaha şükür gözlərimin yoxdur azarı, Axmaz pıçalağı. Bir güzgü alıb, bax gözünə sənsən tarı, Kor- körcə bəlağı. Həcvinə görə gözləri kor olmaya barı, Kardır da qulağı. Adətdri ki, sağlar kora gülməkdir mudarı, Kardır da qulağı. Sağ gözlünü kor həcv edubən eylədi rüsva, Düşdü belə qanun. Bir gün gözümüz qarə düşəndə nə gülürsən, Könlün nə olur şad? İllər uzunu burnunu bəs niyə silirsən, Olmuş sənə mədat. Göz ağrısına pəhrizi, qeyzanı bilirsən, Çün öyrədib ustad. Bəs niyə qara mal kimi quyuya düşürsən! Gər olmasa irşad. Öz eybinə kor ol, dəxi çox söyləmə bican, Danışma bu məzmun. Valeh o zamandan ki, olubdur sənə yoldaş, Ol xoş qədəmindən. Yoxmadan olub gözləri manendeyi xəffaş, Gərək qaça gündən. Bizdə yenə sağ gözdü, görür, qədəri gedir yaş, Həqqin kərəmindən. Sənin başına ey biçarə, eylə, düşüb daş. Dövran sitəmindən. Görmək sənə olmaz dəxi ölüncə mühəyya, Sədd dövr edə gərdün. * * * Abdulla Canızadə Aşıq Valehə Ey Səfi, şahi-Nəcəf evi sənə məskən ikən, Niyə ol ruzəni tərk etdin əgər adəm idin. Olmadı gün kimi yarın sərikuyində yerin, Sən məgər ol vəfa bəzminə naməhrəm idin: Süst rayin səni məhrumi-visal etməz idi. Rəhi eşq içrə əgər sabiti müstəhkəm idin, Qürb övlad-Əlidir səbəbi rəhməti-həqq. Sən bu mənada məgər cahili la-iələm idin. Kəfin əshabını tərk etmədi, sək, bir saət Sən ki, insan idin, axmaq, məgər onda kəm idin? Müstəqit olsaydı eşqilə təbin daim, Həqətək dərgahi-mövlada bəsi möhkəm idin. Dəsti- ixlas ilə canan ətəyin tutsaydın, Şərəfi rütbədə sultan hamu-aləm idin. Qənbəra, Valehi, tən etmə ki, bəc biqəmdir. Sən dəxi cahil əgər olsaydın, biqəm idin. * * * Aşıq Valehin şair Abdulla Canızadəyə cavabı Səfi, naməhrəmi-dərgah dəri-Heydərdir, Yoxsa lənət ona gəlsin, bu nə şou-şərdir. Səfinin ziddi əzazil əzəl Abdulla, Başımı əyməm ona, lənət ona müztərdir. Ərşinə əlli kərə and içənə bax ki, mənə, Eylə söylər ki, görən deyər özü peyğəmbərdir. Özü Dəccal durur, könlü vəli- kəbə dilər. Mömin indi Qalada, san burada Qənbərdir. * * * Aşıq Valehin Abdulla Canızadəyə ikinci şeiri Aşıq Valehin Abdulla Canızadəyə İkinci şeiri Gəldi mehman ki, sən ey hacı Zəvvar Hüseyn, Necə saldın yola, ey mənsəbi hac əl-hərəmin? Lənət olsun belə hacıdan olan övladə, Cəbr edə mən kimi sərrafi-süxən ustadə. Sənin ağzına baxardı tamam el sövdadə, Mənim. . . . . . sarıdan getdi imanın badə. Görmədinmi məni həcv eyləyən Abdullanı, Elə zərb etdim ona çıxdı . . . . . . . . canı. Şəhrdən çölə əgər gəlsə əlimə o əlin, Sürürəm hər tərəfə, yerdə qalur cümlə dərin. * * * Aşıq Valehin cavabı Ey bic, sənin Canidən özgə pədərin var, Ondan sədəf sinədə, muncan gövhərin var. İncimədi heç acı sözündən dili-şirin, Çün nəxli həram, tuşəsən acə səmərin var. Atam deyibən Caniyə qəmxar olursan, Ondan axta didə, sənin nə xəbərin var. Bir mən kimi şair kişinin nütfəsi sənsən, Bu şeri fəsahətdə ki, munca hünərin var. Ağlına yaraşmaz Caninin sən kimi oğlan, Bir sən kimi ağlı kükü oğlu qəzərin var. * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-valeh-deyismeler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1822). Public domain (author died 1822). Original text only.