Əhvalatlar Aşıq Valeh (1722–1822) Aşıq Valehin Şahsevən səfəri Aşıq Valehin şagirdləri Calal və Əhməd sənət səfərinə çıxaraq gedib Araz yaxasında, Şahsevən kəndində bir toy məclisinə çıxır. Zəmanəsinin ən hörmətli adamlarından biri olan Hacı Mürsəlin oğlunun toyu olduğuna görə toyun aşıqları Ərdəbilli aşıq Mahmud və Aşıq Soltan olur. Aşıq Mahmud Valehin şagirdlərini əli sazlı görəndə kinayə ilə gülür və deyir. A bala! Aşıq Mahmud adı gələndə məşhur ustadlar sazlarını gizlədirlər. Siz də saz götürüb Mahmudun üstə gəlmisiniz? Calal deyir: – Usta bizi çox aciz bilmə. Biz də kamil ustada qulluq etmişik. Mahmud deyir: – Demək siz şagirdsiniz. Mənim sizinlə deyişməyə haqqım yoxdur. Bu Soltan da mənim şagirdimdir. Soltan ilə deyişəcəksiniz. Əgər Soltanı kiridə bilsəniz, verəcəyəm onu özünüz ilə aparın. Soltan sizə üstün gəlsə sizi aparıb, Ərdəbildə yeddi il işlədəcəyəm. Calal deyir: –Sövdanı yarımçıq etməzlər. Şərtimiz belə olsun. Əgər biz aciz qalsaq birimiz zamın qalaq, birimiz ustadımıza xəbərə gedək. Ustadımız da gəlsin hara getsək bir gedək. Mahmud dedi: – Cavan oğlan ustadınız kimdi? Calal: – Qarabağın məşhur saz və söz ustadı aşıq Valehdir. Belə də razılaşırlar. Bir az keçmir ki, aşıq Calal ilə Əhməd aciz qalırlar. Əhməd zamın qalır. Calal isə Valehə xəbər gətirir. Heç nədən xəbəri olmayan Valeh görür ki, Calal gəlir, amma çox bekafdır. Calal ustada salam verir, həzin-həzin gözlərindən yaş axıdır. Valeh hər nə qədər edirsə, Calalın ağlamağının səbəbini öyrənə bilmir. Naəlac qalıb, sazını alır sinəsinə, deyir: Calal sənə nə desəm, mənə cavab ver. İndi görək Valeh nə deyir, Calal nə cavab verir: Valeh Ağlamağın məni etdi divanə, Söylə görüm Calal, nə halətdi bu? Göz yaşın qəlbimə ox kimi dəydi, Söylə görüm Calal, nə halətdi bu? Calal Kamil ustad, yaman dərdə düşmüşük, Könüllər ağladan xiyalətdir bu. Qəfil qəza bizi saldı toruna, Şadlığı puç edən zəlalətdir bu. Valeh Kim salıbdır söylə, sizi bu dərdə? Hansı fikir qəmlə, toqquşur sərdə? Gəl qurma arada söhbətə pərdə, Hansı görüş, hansı ziyarətdir bu? Calal Talehim salıbdır məni bu dərdə, Əhmədin fikri toqquşur sərdə. Aşıq Mahmud ilə durmuşuq vərdə, Cəhənnəm atəşli qiyamətdir bu . Valeh Dolğun xəyalımı etdin dərbədər, Qəmli duruşunda var yeni xəbər. Aşıq Valeh olub, hər elmə əzbər, Hansı sözlə deyim kifayətdir bu. Calal Aşıq Soltan aldı Əhmdin sazın, Zimistan eylədi Calalın yazın. Əsirgəmə bizdən kömək, avazın, Sənət mənbəyinə şikayətdi bu. Aşıq Valeh dedi: – Calal indi əməlli-başlı danış görüm əhvalat necə olub? Calal olduğu kimi aşıq Valehə nəql etdi. Ərdəbilli aşıq Mahmudun adı gələndə, Valeh Xəyala daldı. Aldı görək nə dedi: Coşqun eşqim, gəl mənimlə həmdəm ol, Qayda qalaq, bir sirdaşım dardadı. Qəvvaslıq et, sirri – xilqət bəhrinə. Candan əziz bir yoldaşım dardadır. Zərnigar dedi: – Ay Valeh, Mahmud necə Mahmuddur ki, sən öz eşqini haraya çağırırsan? Aldı, Valeh görək nə dedi: Aşıq Mahmud bir ustaddır dağ kimi, Aşıq Soltan hər meyvəli bağ kimi, Aşıq Əhməd bil saralıb yağ kimi, Yol gözləyir bir qardaşım dardadır. Aşıq Valeh sənətində yanılmaz, Zər olmasa, Zərgər adı anılmaz. Odda qızarmasa polad yonulmaz, Can ayrılıb candan, başım dardadır. Söz tamama yetdi. Gecəni yatdılar, səhəri yola düşdülər. Getha-get, axşam toran çalanda Şahsevən kəndinə çatdılar. Aşıq Valeh əlində saz toy damının qapısında dayandı. Aşıq Mahmud ilə aşıq Soltan sinələrində saz mərəkədə var-gəl edirdilər. Mahmudun gözü Valehə sataşdı. Söz arası belə bir bayatı dedi: Əziziyəm başa bax, Ayaqda dur, başa bax. Kəməndimə keçməyə, Gələn təzə başa bax. Aşıq Valeh dedi: Salam verib, cavab gözlərlər, dayan! Aşıq Valeh Əziziyəm qar alar, Dağ başını qar alar. Elə şiyyə çəkərəm. Görən gözün qaralar. Aşıq Soltan Əziziyəm çaylara, Sel qarışar çaylara. Sızqa bulaq neyləyər, Köpüklənmiş çayalara. Aşıq Calal Əziziyəm tay olmaz, Zimistanda yay olmaz. Yüz min məşəl yandırsan, Bir günəşə tay olmaz. Söz tamama yetir, Aşıq Mahmud dedi: – Aşıq, hərəkətin məni şübhəyə saldı. İsmini de, görüm kimsən? Aldı Valeh, görək nə dedi? İsmimi söyləsəm, sərsəm edərsən, Başına gələni bil yavaş-yavaş. Dinməyə taqətin qalmaz cəsətdə, Quruyar ağzında dil, yavaş-yavaş. Düşmüsən cənginə bir natiq sərin, Məhəbbət bəhrili, amalı dərin, Ərdəbilə çatar qəmli xəbərin, Yasını saxlayar el, yavaş-yavaş. Dərdlərin müşküldür, dərmanı baha, Şadlığına güman yoxdur bir daha, Qucaqla möhnəti, can denən aha, Çeşminin yaşını sil, yavaş-yavaş. Qəbrini qazarlar bir qərib yana, Nə bacı ağlayar, nədə ki, ana, Bil, aşıq Valehdir girən meydana, Qol bağla minnətə gəl, yavaş-yavaş. Söz tamama yetdi. Aldı Mahmud, görək nə deyir: Aşıq, mənlə meydan açma, həyatını dar edərəm, Divanidən, təcnisdən neçə qatar var edərəm. Bir ustadam, hünərimdən hey danışır məni görən, Şənliyini qovlayaram, xoş gününü zar edərəm. Aşıq Valeh Aşıq Mahmud, ömrün bitib, bu gün səni xar edərəm, Bulud kimi qaynayaram, bahar fəsli qar edər, Çaylar kimi sellənərəm, dərya kimi göllənərəm, Başın şişər, ağlın itər, qulağını kar edərəm. Aşıq Mahmud Neçə deyiş meydanında məşhur ustad ağlatmışam, Hüzurumda diz çökdürüb, qollarını bağlatmışam, Sənətinə qələm çəkib, sinəsini dağlatmışam, Bil, səni də o hesabla el içində car edərəm. Aşıq Valeh Dizlərin titrəyər, əsil hünər meydanında, Dil, ürəyin qana dönər, şuru -əza fərmanında, Natiqlər məclisində, əhli - ariflər yanında, Sənin kimi kəmsavadla deyişməyə ar edərəm. Aşıq Mahmud Çarxı dəvvar gərdənindən Mahmuda badə çatıb, Neçə yerdə kara gəlib, neçə yerdə dada çatıb, Qırxlar piri dərsin verib, məşhur olub, ada çatıb, Cəhənnəm tək zəban açıb, cəsətini nar edərəm. Aşıq Valeh Aşıq Valeh xilqət sirrin toplayıbdır tam sərinə, Naşı qəvvas üzə bilməz, batar, gedər hey dərinə, Susuz gəzən gürzə kimi sancılaram peysərinə Doqquz simli tavar sazı, sinən üstə mar edərəm. Söz tamama yetir. Aldı Mahmud dübarə: Naşı Sarvan öyünməsin bu yolda, Səhra mənzilində hər hünər eylər. Hansı dəyirmanın suyu çox olsa, Daşı fırlatmaqda pər hünər eylər. Aşıq Valeh Lovğa danışıqda nadan saz olar, Döyüş meydanında ər hünər eylər. Bir bədən ki, qəfil keçsə kəməndə. Salamət qurtarsa sər hünər eylər. Aşıq Mahmud Gün ağır keçməklə, həftə ay olmaz, Sızqa bulaq coşsa, daşqın çay olmaz, Ala qarğa qızıl quşa tay olmaz, Pələng davasında şir hünər eylər. Aşıq Valeh Qurd yanılmaz ovda necə qarısa, Kötül ipək verməz yüz də sarısa, Ziyarət et harda ocaq varısa, Kamalı aclara pir hünər eylər. Aşıq Mahmud Aşıq Mahmud coşar, meydan açanda, Day titrəyər köhlən mənzil qaçanda, Üstü ağır olub, damlar uçanda, Zamun kara gələr, tir hünər eylər. Aşıq Valeh Nadan çaşar danəndələr yanında, Hər könül soltandı öz gümanında, Ağlı dərin ustadlar meydanında, Aşıq Valeh coşar, hər hünər eylər. Söz tamama yetir. Aşıq Mahmud son gücünü toplayıb, alır dübarə: Aşıq Valeh, mənlə girmə meydana, Bağını, bağçanı duman eylərəm. Bulud olub, qarışaram havaya, Baharlı gününü boran eylərəm. Aşıq Valeh Mahmud, səni qəza tora salıbdı, Əhvalını bu gün yaman eylərəm. Pozular novrağın, dəyişər halın, Calallı yurdunu viran eylərəm. Aşıq Mahmud Hərdən bənzəyərəm eşqi - həvəsə, Hərdən bənzəyərəm tilsim - qəfəsə, Hərdən bənzəyərəm isti nəfəsə, Hərdən küləklənib, tufan eylərəm. Aşıq Valeh Qatarı üzülməz bir güzaram mən, Ariflər mülkündə bir diyaram mən, Gül - nərgiz bitirən bir baharam mən, Boranlı dağları aran eylərəm. Aşıq Mahmud Aşıq Mahmud səni salacaq tora, Vuracaq qəlbinə sağalmaz yara, Qul edib divanda çəkəcək dara, Tutulacaq nitqin güman eylərəm. Aşıq Valeh Aşıq Valeh məşhur olub cahanda, Mərd dayanıb neçə belə divanda, Ağlın itər, sözün qalar dəhanda, Səni öz başına vuran eylərəm. Söz tamama yetir. Mahmud durur, çaş-baş qalır. Alır Valeh görək nə deyir: Aşıq Mahmud, qafiyəni dəyişdim, İndi sənə əhli – kəbirdən deyim. İnsidən, Cinsidən Mahi - zöhrüdən, Dəhridən, xaneyi - qəbirdən deyim. Aşıq Mahmud Aşıq Valeh, kəlamını anladım, Mən də sənə ərşı zəmindən deyim. Aləmi -fanidən, həşri – cafadan, Haləti eşqinin qəmindən deyim. Aşıq Valeh İstərəm Ərsədə məclislər quram, Sədayi – suridən bir az dəm vuram, Pəncin mənasından cavablar soram, Sirri - qeybətdən, səbrdən deyim. Aşıq Mahmud Gəl güzar izini salma dərinə, Toxmaq dəyər nabələdin sərinə, Bəndəlik et, ərənlərin pirinə, Caharı - həştinin cəmindən deyim. Aşıq Valeh Valehəm, dərsimi vurmuşam başa, Qırxlar məclisində dolmuşam yaşa, Ərənləriylə durmuşam qoşa, Sahibi Həmzədən, Bəbirdən deyim. Aşıq Mahmud Aşıq Mahmud, hesab düşdü bu dağa, Kök tərpəndi, zədə dəydi budağa, Bənna gərək, daş düzəldə bu tağa, Bəndi - əza sərin dəmindən deyim. Söz tamama yetdi, aldı Valeh dübarə: Aşıq Valeh Bu dəhri - fanidə guşi kar olan, Həyat boyu dövran sürən kim oldu? On səkkiz min xilqət sirrin bəyan et, Beytullah binasın hörən kim oldu? Aşıq Mahmud cavab verə bilmədi. Aldı Valeh dübarə: Necə cismi yaranıbdır atasız? Süd əmməyib, yaşa dolub anasız. Necə səyyah yaşayıbdır binasız? Bu suala cavab verən kim oldu? Hansı ekizlərdir məşhur adı var? Biri xəbər verən, biri hökmdar! İkisinə nəsib oldu bir məzar, Bu sözləri sual verən kim oldu? Hansı əza ibadətdə zay olub? İki kəlmə iki min bir say olub? Aşıq Valeh gör kimlərə, tay olub? Təhiyyə ümmanın görən kim oldu? Söz tamama yetdi, Aşıq Valeh mərəkəni aldı ələ, cəmaətin xahişi ilə Aşıq Mahmudun günahından keçdi, sazına və sənətinə toxunmadı. * * * Aşıq Valehin Kərbəla səfəri Aşıq Valehin yaradıcılığı Qarabağ xanı İbrahimxəlil xanın dövründə olub. Bəzi mənbələrdən məlum olur ki, Molla Pənah Vaqif ilə şəxsi dostluğu olub. O vaxt Abdal –Gülablının tabeliyi Heydər bəy öləndən sonra oğlu İsgəndər bəydə olub. Həmin vaxt Gülablının din xadimləri Molla Kərim və Molla Nuru adamları İsgəndər bəyin itaətinə çağırardılar. Bir gün töycü (vergi) üstündə İsgəndər bəy kənd adamlarına divan tutur. Evlərini qarət eyləyir. Bu vaxt kənd adamları aşıq Valehdən kömək istəyirlər. Aşıq Valeh aşağıdakı şeir – məktubu yazır və xalası oğlu Qənbərdən Molla Pənaha göndərir. Molla Pənah, ərzim sənə söyləyim, Mahallıqca biz düşmüşük dara, bil. Şadlıq sorağında biçarə xalqım, Həmdəm olub, yeni ahu-zara, bil. Həyat bizi nəzərindən atıbdır, Talehimiz bilməm harda yatıbdır, Dərmansız dərdimiz yüzə çatıbdır, Olmuşuq biz bir taleyi qara, bil. Bahar –yazlı boran illər bizdədir, Viran yurdlar, kor mənzillər bizdədir, Tərəqqisiz tənəzüllər bizdədir, Çatılırıq gündə sönməz nara, bil. Qəm satıram nəfə ziyanım qalıb, Din pozulub, nə də imanım qalıb, Nə ümidim, nə də gümanım qalıb, Sızıldayır sinəmdə yüz yara, bil. Valehəm, bu dərdə varmıdır, çara? İsgəndər bəy salıb bizi azara! Var - dövləti çəkdi, tökdü bazara, Biz rəyətik belə sitəmkara, bil! Valehin məktubunu Molla Pənaha çatdırırlar. Molla Pənah vəziyyəti İbrahim xana çatdırır. İbrahim xan Abdal-Gülablı kəndini İsgəndər bəyin tabeliyindən alır, qardaşı Mehralı bəyin itaətinə verir. Mehralı bəy də bu kəndləri oğlu Məhəmməd Cavanşirə bağışlayır. Məhəmməd Cavanşir hər iki kəndin adamları ilə görüş keçirir və hər iki kəndin adamlarını yeddi il bütün töycüdən azad edir. Bu, camaat üçün bayram olur. Məşədi Mahmudun damında şənlik keçirirlər. Gülablıda Bikar adlı bir nəfər aşıq Valehin söhbətinin azarkeşi olur. Həmişə məclisdə oturarmış, söhbətin şirin yerində bir nəfər xəbər alır ki, aşıq Valeh danışdığın bu sözlər düzdürmü? O vaxt Valeh sağ əli ilə Bikarın başına vurub, deyərmiş, – bu Bikarın ölmüşünə düz deyirəm. Papaq Bikarın xirtdəyinə yenərmiş. Həmin günü Bikar günüz ikən papağın tüklərinin arasını sarı tikan ilə doldurub, yenə də qabaxda oturmuşumuş. Söhbətin şirin yerində bir nəfər yenə deyir. Aşıq Valeh dediyin sözlər doğrudurmu? Valeh yenə əlini Bikarın başına vurur, tikanlar Valehin əlinə dolur, papaq Valehin əlində qalır. Bikar bayıra çıxır. Valeh əlini ona sarı uzadıb deyir: Alı dərəsində Bekar olmasın, Tez dağıdın o zalımın yolpasın. İndi bilin bu necə insan imiş, Surəti insan, özü şeytan imiş. Desən əgər heyvana oxşar Bekar, Barxana altında heyvan olar xar. Deyər nə zülmdür bizə eylədin, Oxşarımız bekar deyə söylədin. Bir belə də barxana vur dalıma, Tək məni oxşatma elə zalıma. Bir qalacan da sur, o yana apar, Tək demə ki, heyvana oxşar Bekar. Getsən idin burdan Məlikvanın yanına, Barxananı düşürtdüm eyvanına, Ordada bir dürənk kəlbi var idi. Ağzı yekə, qolları həmsar idi. Söyləmiş olsam Bekar oxşar sənə, Yalını qızardıb soxular mənə. Deyər gözüm onun gözündən gözəl, Deyər özüm onun özündən gözəl. Bu şəbehi üstümüzdən atginan, Yenə onu donquza oxşatginan. Donuz deyər: əslinda filzadayıq, Nuh-Nəbidən bəri bu dünyadayıq. Yenə ləvənd oğlu ayı hallıdır, Ozü ağır, ayağı samballıdır. Ayı bilsə gələr donquz yanına. Cəmdəyin boyayar qızıl qanına, Deyər ölərəm mən, ayı olmaram. Avara Bikarın tayı olmaram. İstəyir o bizim adı batıra, Bədhuyları oxşadarlar qatıra. Valeh həcv dedi Bekar adına, Söz deyənin rəhmət ustadına. Aşıq Valeh həcvi qurtarıb söhbətinə davam etmək istəsə də, növbədən kənar minacat səsi eşidilir. Adamlar minacat səsi eşidən kimi məscid başına gedirlər. Valehin söhbəti yarımçıq qalır. Valeh əli sazlı məscid başına sarı getdi.Yolda Qəmbər ilə qabaqlaşır, minacatin nəyə görə verilməsini soruşur. Qənbər deyir: –Molla Kərim ilə Molla Nuru adamları, böyük günah etmsiniz deyə, cəzalandırıblar. Bəhanə edirlər ki, bu gün aşıq söhbətinə qulaq asan adamlar gərək yetmiş rükət namazı qılalar ki, günahları bağışlana. İş belə olanda aşıq Valeh əli sazlı məscid başına gedir, namaz pozulur. Molla Kərim Valehi günahı bağışlanılmaz günahkar elan edir və aşıq Valehi dinsiz adlandırır. Mollanın bu qərarını eşidən Valeh məscid başında üzünü cəmaətə tutub, bu sözləri deyir. Mən Nəzərdən salmayın cəmaət məni, Həqiqət mülkündə bir baharam mən. Nə alim dostuyam, nə də zəmanə, Mərhəmət soltanlı bir diyaram, mən. Bilmək istəsəniz işin düzünü, Məndə taparsınız haqqın sözünü. Lənət yuyar pis mollanın izini, Xilqət hesabında bir caharam mən. Hansı hökm gəlib-insan ağlasın, Bahar fəsli başa qara bağlasın. Fəryad etsin, sinəsini dağlasın, Hər yuxu mənasın düz yozanam, mən. Aşıq Valeh sənətinin bazıdı, Həqiqət mülkünün bahar, yazıdı, Bilikdə molladı, həm də qazıdı, Anlayış süfrəli bir naharam, mən. Söz tamama yetir, adamlar Valehə yaxınlaşırlar. Molla sınıqa düşür. Aşıq Valeh bu səfər üzünü Molla Kərimə çevirir və deyir: Hardadır Molla Kərim indi səndən soruşum, Söylə, sənin din-imanın hardadır? Cəhənnəm əhlisən, yoxsa ki, cənnət? Bilirsənmi, öz məqamın hardadır? Kədərgin hansıdı, kinin hansıdır? Məzhəbin hansıdır, dinin hansıdır? Ahılsan, cahılsan-sinin hansıdır? Mətləbin hardadır, kamın hardadır? Etiqadın İsayadır, Musaya? Meylin məscidədir, yoxsa kilsaya? Qiblən müqərrərdir hansı binaya? Vadiyi-Bərutda damın hardadır? Aşıq Valeh sənətindən, dönərmi? Yel əsməklə yanan günəş, sönərmi? Pəhləvan döyüşdən qaçıb, sinərmi? Meylin badə çəkir, camın, hardadır? Söz tamama yetir, molla Kərim deyir: –Aşıq Valeh bu boyda zərafət olmaz ki, sən edirsən. Aşıq Valeh deyir: – Molla Kərim, sən məndən İsgəndər bəyin qisasın almaq üçün məni hər yerdə kafər kimi qələmə verməyə çalışırsan, ancaq bu mümkün deyil, yaxşı olar ki, elə bir yer ola orada müsəlman ilə kafər tanına! Molla deyir: – Aşıq Valeh çavuş xəbər eləyib ki, Kərbala ziyarətinə zəvvar aparacaq, hazırlaş get ziyarətə. Əgər, ziyarətin qəbul olsa sən düzgün müsəlmansan. Valeh razılaşır, hazırlaşır ziyarətə getməyə. Səhəri gün zəvvar Abdal – Gülablı kəndinə gəlir. Molla Kərim çavuşu evinə qonaq aparır və ona deyir, mən aşıq Valehi yola gətirmişəm, o da sizinlə ziyarətə gedəcək. Özü də sazın da aparacaq. Ona mane olma. Qoy aparsın, ancaq mənzillərin birində elə etməlisən ki, yatanda Valehin sazı qırılsın. Səhər sazın qırıldığını eşidəndə, sən bütün zəvvarları inandırarsan ki, bu yol saz götürməz, ona görə də saz özü qırılıb. Sonra ziyarətdən qayıdıb gələndə, xəbərini bizim kəndə gətirəndə deməlisən ki, bəs Aşıq Valeh, ağanın hüzurunda diz çökdü, sənətə tövbə etdi. Sən bu dediklərimi edə bilsən böyük səvab etmiş olarsan. Beləliklə, Aşıq Valeh ziyarətə gedir. Salam təpəsində mənzil edirlər. Gecə Valehin sazını kimsə qırır. Səhər sazını sınmış görən Valeh bu sözləri deyir: Olsun Telli sazım, səni məndən eyləyən, Ömür boyu bu aləmdə xar olsun! Gəlməsin baharı, açmasın gülü, Fəryad etsin, qəlbi ahuzar olsun! Kimsəsi olmasın qəlbin dindirə, Yeddi yerdən başı keçsin kəndirə, İstəkli balası düşsün təndirə. Könül mülkü boran olsun, qar olsun! Yüz il xəstə yatsın, cismi ölməsin, Ürəyi şad olub, üzü gülməsin. Həkimlər, loğmanlar dərdin bilməsin, Gözləri kor, qulaqları kar olsun! Aşıq Valeh nə bəlaya tuş oldu, Bahar fəsli çovğun-boran, qış oldu. Sərsəm etdi səri, çaşqın huş oldu, Namərdin nifrəti eldə car olsun! Söz tamama yetir, gedirlər ziyarətə. Vaxt olur ki, zəvvar ziyarətdən qayıdır. Abdal-Gülablıya bir mənzil qalmış zəvvarlar dincəlir. Çavuş zəvvarların səlamət gəlməsi xəbərini kəndə çatdırır, xələt yığır və məscid başında elan edir ki, bəs Aşıq Valeh ağanın hüzurunda ömürlük sənətə tövbə etdi. İndi xəbəri eşidən Valehin xalası oğlu Qənbərdən aşıq Valehi susdurmaq üçün xeyli söz hazırlayıb, zəvvarın qabağına gedir ki, qəflətən söz atəşinə tuta. Həmin dincəlmək mənzilində Aşıq Valehi qarşılayır və deyir: Qənbər Tapdınmı səadət Valehi devramn? Gözəl yeri, xoş məqamı gördünmü? Ziyarət etdini, Nəcəf-Əşrəfi? Kərbəlayı müəllanı gördünmü? Valeh deyir: - Qənbər cavabını verəcəm, yenə sözün qurtaracaq, susacaqsan, Alır Valeh, görək nə deyir: Valeh Ey Qənbər qulamı, şahı vilayət. Təvavi şiri yəzdana yetişdim. Cayihəmə yaranu əzizəm xali. Könlümdəki arzumana yetişdim. Qənbər Museyi Kazımi, Məhəmməd Taqi Həsən Ələsgəri Əliyyən Naqi. Sahibbəzzamandır əsrin rövnaqı. Ol zinəti, asumanı gördünmü? Valeh Ol günkü yetişdik telli salamə. Xoş zövq ilə oxundu ziyarətnamə Tamam zəvvar yetdi mətləbi kamə. Xüsusən ki mən divana yetişdim. Qənbər Yenə varmı onda xeyməvu xərgah. Teşnə ləb əhlibeyt bi Pənah. Qan ağlayıb axıdırmı zülcənah. Dolanırmı o, meydanı gördünmü? Valeh İbtidanı varit olduq Bağdadə. Tamam əhli zinub oldu azadə. Museyi Kazıma qıldıq iradə. Dərgahda lütv ehsana yetişdik. Qənbər Təşnə cigər, hal pərişan, dil kabab. Zeynəb həm Səkinə çağırırmı ab? Edən toy xınasın qan ilə xizab. Yadigarı Mücdəbanı gördünmü? Valeh Üç gün məsgənimiz oldu Kazımeyn Sürtdük xaki payə ziyalandı eyn. Vacib oldu tövfi Həzrəti Hüseyn. Arzu əlindən cana yetişdim. Qənbər Varmı əhlibeytə yavəri Qəmxar. Yoxsa o çöllərdə su deyib ağlar. Yetimlər pənahı abidi bimar. Ol xəsteyi nətavanı gördünmü? Valeh Yetişdik Hüseynin dərgahına. Səhrayı Kərbala Patcahına. Həzrəti Rəsulun busəgahına. Xəncər vurulan məkana yetişdik. Qənbər Gördünmü Hüseynin məzlum əstərin? Abbas Ələmdarın cavan əkbərin? Həm göyün sütunu, yerin ləngərin? Ol zivəri Rizvanı gördünmü? Valeh Gördük bir yanında əsgəri nalan. Qızıl qan içində həlqində peykan. Əkbəri şahzadə doğranıb şan-şan. Zülm olunan o meydana yetişdim. Qənbər Alıbdır əlimdən gərdişi dövran, Yaş yerinə gözlərimdən axır qan, Şühəda səfində xakilə yeksan, O, İbrahimXəlil xanı gördünmü. Valeh Ondan sonra getdik ƏliAbbasa, Tamam səhni rövza batıbdır yasa, Yenə şivən düşdü zükür ünasa, Yenə şama mən Pərvanə yetişdim. Qənbər Bağlandınmı ali Əliyə ixlas. Olan günahını etdin iltimas. Tarixi vəfada Birun Əl Qiyas Bu Qənbəri binəvanı gördünmü? Qənbərin sözü qurtarır. Valeh sözünü davam edir. Valeh Ol səfi Kərbala yetdi payanə. Ondan üz çevirdik Şahimərdanə. İlişdik səhrayi Ərəbistanə. Təvafi ol İmranə yetişdik. Günbədi təladan açıldı bir nur. Şöləsi aləmə olundu məşhur Manəndə əhqəri mühəqqəri şur, Dərgahı Süleymana yetişdim. Haqqdan ziyarətim olundu sübut, Düşdüm xaki payə eylədim sicud, Günahım əfv etdi qadiri məbud, Sanasan ədlidən cana yetişdim. Onda Kəlbi Əli qoydum namumu, Şərbəti eşqidən içdim camımı, Nəcəf əşrəfdən aldım kamımı, Həzrəti sahibzəmana yetişdim. Onda nəqil eylədi bizə bir mürüd, Dini mehdixana kəsmə sən ümid, Yetmiş üçdür tarixində şəhid, Belə əsrari pünhana yetişdim. Məhəmməd taqidir dilim əzbəri. Əliyyən naqidir Həsən Əskəri. Kərbəlayi Valeh oldun Heydəri. Qətrə idim bir ümmana yetişdim. Qənbər yenə istəyinə nail ola bilmədi. Gəldi kəndə, eşitdi ki, Aşıq Valeh sənəti tövbə edib. Qənbər təzədən qeyzə gəldi, üz qoydu Valehin evinə. Bu tərəfdən Molla Kərim xeyli adam ilə üz qoydu Valehgilə sarı. İndi bunlar gəlməkdə olsunlar, Qənbər özünü yetirdi Valehə: Qənbər Deyirlər sənəti tövbə etmisən, Barı ziyarətin qəbul oldumu? Deyirdin ölüncə eşqim azalmaz, Ömrünün gülşəni qəfil soldumu? Valeh İnsan da şadlığı tövbə edərmi? Sazsız ziyarət də qəbul olarmı? Can nə qədər sağdır eşq içindədir! Baharın qoynunda gül də solarmı? Qənbər Söz yaraşmaz bundan belə adına, Çatan olmaz harayına, dadına, Etdiyin tövbəni gətir yadına, Qaynadı, peymanı axır doldumu? Valeh Saz adımla tarixinən qalacaq! Əhvalımı ellər xəbər alacaq! Yalançıya tövbə qənim olacaq! Çaylar tökülməklə ümman olarmı? Qənbər Qənbər deyər, duman çıxır sərimdən, Dəyirman tək oynamışam yerimdən. Bu sözü eşitdim molla Kərimdən, Belə böhtan mollalarda boldumu? Valeh Eşq əhliyəm, hər əməli salehəm, Küskün kəsalətli, oyaq taleyəm. İsmim Səfi, özüm Aşıq Valehəm, Tövbə edən telli sazı çalarmı? Molla Kərim başının dəstəsiynən gəldi ki, Aşıq Valeh ilə Aşıq Qənbər sinələrində saz qabaq-qabağa durub, deyişirlər. Molla fürsəti fota verməyib, öz dəstəsinin şahidliyi ilə Aşıq Valehdən Şuşa qazısına şikayət yazdı ki, bəs Aşıq Valeh Kərbəla ziyarətində ağanın dərgahında diz çöküb, sənəti ömürlük tövbə edib. İndi də tövbəsini pozub, yenə də aşıqlıq edir. Bəs, qazı ağa, Aşıq Valehi cəzalandırmaq sizin ixtyarınızdadır. Bir neçə gündən sonra Şuşa qalasının din xadimi qazı Aşıq Valehi, Molla Kərimi, Molla Nurunu, Molla Səttarı, Kərbəlayı Qurbanı və başqa şahidləri Şuşa qalasına dəvət edir. Aşıq Valeh gecə ikən Qənbəri də götürür Şuşaya gedir. Bəli, bütün lazımı adamları görür (o vaxt Vaqif ilə İbrahimxəlil xan sağ olur), dəvət olunmuş adamlar baş məscidə toplanırlar, ən axırda Aşıq Valeh ilə Aşıq Qənbər gəlir. Qazılar deyir: – Aşıq Valeh, bəlkə sənə söz verməyək. Valeh deyir: – Qazı, hansı günahlarıma görə? Qazı deyir, ömrün boyu etdiyin bütün günahlarına görə. Valeh deyir: – Qazı, mən doğulandan bəri tutulmuş işləri və indən belə qiyamətə qədər gedəcəyim yolları bir -bir deyəcəm, günah - savabın sən təyin edərsən. Valeh Əsli binadan vəsfimi söyləyim: Ata bətnindən gəlmişam anaya. Ananın bətnində qan olmuş durdum, Sanasan ki, Qavvas düşdü dəryaya. Qırxda iki mələk çəkdi cəfamı, Biri bürc açdı yazdı səfamı. Pərdiyə çəkdilər mənzil binamı, Sahib oldum o düşdüyüm binaya. Əvvəl başlanğıcda bünyad oldu dil, İki gözlər oldu ona müqabil. İki damaq, cigər, bir ürək hasil, Doqquz gündə tamamlandım əzaya. Yerim xilqət oldu, döndüm zindana Əl-ayaq tərpətdim o yan, bu yana. Doqquz ay, doqquz gün oldum nişana, Allahınan gəldim bu gen dünyaya. Yığılıb gəldilər neçə mamalar, Əynimə verdilər zəri zibalar. Yedirtdilər tamı şirin mayalar, Basıb qucağa, tutdular laylaya. O zamn ki, ömür çatdı bir yaşa, Fərq olmadı tənə ayağa, başa. Baxmadım ağaca, kəltənə, daşa- Səyridim odlara, axmağa çaya. İki yaşda oldum yəni qızılgül, Vüsalım şirindir, küftarım bülbül. Hər gedib gələnlə oldub dilbədil, Onda xoş gəldim mən ata -anaya. Üç yaşında oldum vüsalı göyçək, Dedilər qoysa gər qızılca, çiçək Nəzir, qurban oldu hasili gerçək- Ayaq tutdum çıxdım qapı-bacaya. Altıda-yeddidə diş təzələdim, İdrakım var idi hüşkar söylədim. Özümdən böyüyə salam eylədim, Götürüb qoydular məktəbxanaya. Səkkizdə-doqquzda qaranı seçdim, On yaşımda yaxşı-yamanı seçdim. On birində quran, kitabı keçdim, On beşimdə sərim doldu sevdaya. On altıda könül istər bir dilbənd, Cismi şəhdi ola, ləhcəsi bir qənd. Özü şux, sözü şux oldu dərdi bənd, Bənzəyə Yusifə, Ya Züleyxaya. İyirmi yaşımda oldum bir oğlan, Oturub durmağın tamam oldu qan. Gəzişim, savaşım misli-pəhləvan, Bac adım, bac vermədim kimsəyə. Elə ki yaşı iyirmibeşə yetirdim, Mətləb alıb, muradımı bitirdim. Cavanlıqdan bir nişanə itirdim, Axtardım, tapmadım çıxdım əsmaya. Otuz yaşda başda sevda qarışdı. Biri küsdü, canda cigər alışdı, Ahıl şüuru cavanlıqla barışdı, Meyil təzələndi seyrü səfaya. Otuz beşdə oğul-uşaq bitirdim, Qırx yaşımda bir mənzilə yetirdim. Qırx beşimdə cavanlığı itirdim, Gördüm ki, etibar yoxdu fənaya. Əllidə eylədim ömrümü yarı, Ömür bağçasının saraldı barı. Səslədim möhnəti, oyatdım zarı, Şənliyi adladım, keçdim cəfaya. Altmışımda Sanbur gədikdən aşdım, Yetmişimdə Əhli-əyaldan qaçdım. Səksənimdə səbrü-taqətdən düşdüm, Qədd əyildi, pənah gətdim2 əsaya. Doxsanımda oldum susuz asiya, Gözlərimin suyu döndü lasiya. Yeməyi qoyuldu fincan, kasıya, Dedilər bax, o dəngəsar qocaya. Yüz yaşımda oldum piri natəvan, Gələnlə gedənlə, qonşuyla yaman. Könlümdə ahüzar, çeşmində düman, İstədim fənadan köçəm uqbay. Üç günə, beş günə ağrıdı başım, Toplandı yanıma qohum-qardaşım. Kəsildi taqətim, dağıldı huşum, Getdim yol ilə axirət dünyaya. Soldan gəldi hazır oldu bir cəllad, Dedim sən allah əl saxla bir saat. Çaldı cəngəlini, oldum bitaqət, Çaxnaşıd bədənim, düşdü lərzaya. Çaldı cəngəlini, saldı əzaya, Aman vermədi vəsiyyət tövbəya. Aldı ruhumi çəkdi səmaya, Cəfa çəkdim, ömür verdim fənaya. El yığıldı ağladılar bir zaman, Mürdəşirlər gəlib vermədi aman. Kəsildi köməyim, qalmadı güman, Götürdülər cəsədimi havaya. Qüslümü verdilər, pak oldu bədən, Təni-üryanıma tutdular kəfən. Qaralar altında görünmədi tən, Qədəm qoydular mənzili-məvaya. 1 Molla, üləmalar namaza durdu, Səflər çərgələnib nizami qurdu. Beş təkbir tam oldu, kütahı vurdu, Qoydulapr cismimi mənzili-uqbaya. Məni qəbir içinə qoydular əffak, Qohumdan-evladdan qalmadı soraq. Qapandı gözlərim, tutuldu qulaq, Saldılar cismimi yeni cəzaya. Hər kəs öz məqamını eylədi yad, Dünya cifəsindən yanımda bir dad. Əməlimdən qeyri qalmadı heç zad, Qaldı bir nicat əməli şəfaya. İnkir-minkir gəldi əlində təbər, Rəbbibi kist deyə aldılar xəbər. Nitqim batdı, dilim tutmadı əzbər, Şəfa üçün üz çevurdim mövlaya. Çağırdım: Ya həqq halali-müşgül, Ürək qüvvə tapdı, güçad oldu dil. Cavabım suala oldu müqabil, Səs gəldi: dəyməyin həqqi-bəndaya. Neçə min il qəbirdə tutduq qərar, Qurtardı kanında canlı hər nə var Qiyamət olmağa çəkdik intizar, Uzaq, yaxın bəlli olmadı kimsaya. Bir gün əmr oldu, İsrəfil çaldı sur1! Xəbərdar eylədi: ey əhlü qubur2, Matəm bəazi Allah vərd əd mənsur- Titrədi əzalar, baxcaq bu haya. Məqribdən məşqirə toplandı bamə3 Düzəldi çərgəıər, yollandı şamə. Hər kəsin əməli əlində namə, Ta fərq olmadı soltanla gədaya. Şuri-şuru ilə təbil vuruldu, Həqq buyurdu, axır mizan quruldu. Suallar verildi, cavab soruldu: Bəndəlik kim edib böyük xudaya. Gün təpədən yağdı, yer döndü oda, Nə qohum, nə qoonşu düşmədi yada. Oğul atadan, qız anadan düşdü cida. Şuri-şurur səsi çıxdı əsmaya. Üləmalar oldu böyük günahkar, Mərhəmət söylədi Cəlili Cabbar, Rəhmini kəsmədi qadiri-Qəffar, Şəfa qaldı o vahidi xudaya. Haqdı əməlimiz, deyildi saleh, Düzlük marağına işlədi taleh. Bir neçə həmdəmlə şikəstə Valeh, Məskən saldı o cənnəti məvaya. Söz tamama yetdi, bütün eşidənlər heyrətdə qaldılar. Qazı dedi: – Molla Kərim bu kəlamları dərk edən şəxs ən müqəddəs mömündür. Görünür sən şəriəti düz anlaya bilmirsən. Bu gündən mollalığını qadağan edirəm. Aşıq Valeh, sənə səadət arzulayıram. İşi belə görən Aşıq Valeh dedi: – Qazı ağa, icazə ver bu mollalara bir neçə söz deyim, qazı icazə verdi. Aldı Valeh bu sözləri dedi: Mollalar Sizi, sahib kim edibdir, Söylən cahana mollalar? Özünüzdən şübhələnib, Düşmən gümana mollalar. Xeyir işi şərə çəkib, Yozman ziyana mollalar. Cəhənnəm ki, haram deyil, Eşqə uyana molalar? Günah, savab nə olduğun, Artıq biz də anlayırıq. Nə bircə qəlbə dəyib, Nə kimsəni danlayırıq. Nə beçə tək qaqqıldarıq, Nə xoruz tək banlayarıq. Nə varlıya baş əyərik, Nə kimsəni yanlayırıq. İnsaf edin, əl atmayın Dinə, Qurana, Mollalar! Kərbəlayı olmaq üçün, Necə düşman çıxım, saza?! Sevdalı şeyda bülbüləm, Könül müştaq olub yaza. Ehtiyacım yoxdur mənim Nə oruca, nə namaza, İki mələk müqərrərdi, Hər əməli görə, yaza, Kənd içində sərsəm edib Olman divana, mollalar! Necə hacı, Kərbəlayı Saqqalına həna qoyur; Girvənkədə bir çətvəri Oğurlayır, yana qoyur. Bir yetimdən mal alanda İnək adın dana qoyur; Yalan satır müştəriyə, Kürək adın şana qoyur. Qəpik üçün and içirlər, Ayə, Qurana mollalar! Aşıq Valeh bu sənətlə Məşhur oub, ucalıbdır. Hər ümmana qəvvas olub, Təbiətdən tac alıbdır. Neçə deyiş meydanında Ustadlardan bac alıbdır. Könül eşqə gəl -gəl deyir, Deməyin ki, qocalıbdır. Bir də mənə kafər demən, Gəlin imana, mollalar! * * * Arazbasar ətrafında Bir gün sənət səfərinə çıxan Aşıq Valeh Arazbasara gedir kəndə yaxınlaşanda, bir təzə gəlin ilə, bir həddi- buluğun az ötmüş qız arx kənarında dayanıbmışlar. Valeh bunlara yaxınlaşanda qız deyir: – Ay aşıq bizə bir söz oxu xoşumuza gəlsin. Valeh onlara diqqətlə baxır. Alır atüstü görək nə deyir: OLUM Ay ana bu bir cüt sonanın, Hansına qurban mən olum?! Süzgün baxıb, can alanın Hansına qurban mən olum ?! Könül bağladım bir ada, Dərd tapdım həddən ziyada, Hər ikisi mələkzada, Hansına qurban mən olum?! Cüt baxışlı, nazlı xanım, Xoş avazlı mehribanım. Valeh deyər, var bir canım, Hansına qurban mən olum?! Söz tamama yetir, qız deyir: – Ay aşıq, sən bizi bir-birimizdən ayırmadın. De görək, bizim hansımız qəşəngik? Alır Valeh bu sözləri deyir: VAR Bir qız ilən bir gəlinin bəhsi var, Gəlin deyər - bu gün meydan məndədi. Qız da deyər - açılamamış qönçəyəm, Fəsli-bahar, bağı-reyhan məndədi. Gəlin deyər - ördəyim var, qazım var, Şirin-şirin söhbətim var, sazım var, Sallananda min qız qədər nazım var Həya, iman, ədəb, ərkan məndədi. Qız deyər- mən oxşamışam anama, Ləlü - mərcan düzülübdür tanama, Əl vursalar, tağdan qopar şamama, Əl dəyməmiş tağı-bostan məndədi. Gəlin deyər - gəl, qız düşmə araya, Gər mən ölsəm, aləm batar qaraya, Bəzənərəm, sallam səni bəlaya, Şövq salan camalü – can məndədi. Valeh deyər- ikinizə mən qurban, Yolunuzda mən qoymuşam başla -can, Eyləmyin bu qəribi bağrı qan, Sizdən ötrü çeşmi-giryan məndədi. * * * Zoğal əhvalatı Aşıq Valehin Şuşada çoxlu sayda dostları olur. Bir gün onlardan bir neçəsi sözləşərək, Aşıq Valehi ələ salmaq üçün ona bir məktub göndərirlər. Məktubda bildirirlər ki, Qalada(Şuşa) zoğal çox baha gedir. Abdal-Gülablı kəndi də zoğalın bol olan yeridir. Nə qədər imkanın varsa, zoğal yığdır gətir Qalaya, yaxşı xeyrin olacaq. Valeh də onların sözünə inanaraq, ərki ötən adamların hamısından xahiş edib, zoğal yığdırır. Zoğal tayçalarını atlara, öküzlərə, ulaqlara yükləyərək bacısı oğlu ilə birlikdə aparır Qalaya. Orada dostu Allahqulunun evinə düşür. Səhəri gün zoğalı bazara çıxardır. Baqqallar söz qoyurlar ki, heç kim Valehdən bir girvənkə də zoğal almasın. Beləliklə, Valeh bir neçə gün Qalada qalır və bir kilo da zoğal sata bilmir. Valehin öküzü, atı xəstələnib ölür. Zoğal isə lalıqlayır, suyu tayçalardan axmağa başlayır. Baqqallardan biri Valehi dolamaq məqsədi ilə ona yaxınlaşıb, deyir ki, Aşıq Valeh onsuz da bu zoğal zay olub gedir. Bunun yükünü bir Abbasıya versəydin alardım. Valeh fikirləşir ki, əşi yenə bacım oğluna xərclik olar, qoy verim getsin, razılaşır. Baqqal isə Valehə bildirir ki, amma pulum yoxdu, nisyə ver. Sonra pulun bir adamnan göndərərəm. Bu dəmdə Valeh başa düşür ki, dostu onu dolamaq üçün bu qurğunu qurubdur. Allahqulugildən sazını gətirdir. Dostlarını cəmləyib, bu sözləri onlara oxuyur. GƏLDİM Dostum namə yazdı, dedi: durma, gəl, Aldandım, bazarın nəyinə, gəldim. Unutdum sənəti, oldum sövdəkar, Bir libas tikdirdim əyinə, gəldim. Biiman göndərib, naməni dərhal, Yazıbdır bu yerdə mətahdır zoğal, Tapılsa üstündə olar qalmaqal, Aldandım namərdin küyünə, gəldim. Kimlər səbəb oldu deyin, bu hala, Xəstə ölür, şəfa qalıb zoğala, Dərdirdim hər nə var, yığdım çuala, Dost dedim, nadanın səyinə gəldim. Bir öküzüm vardı kəndi – Qacarda, Yazıq heyvan çəkməmişdi azar da, Dedilər urbatdı zoğal bazarda, Yolları sevinə- sevinə gəldim. Allahqulu ilə keçdi ilqarım, Yazdı: Gətir satım, hər nəki varın, Yurdu viran olsun bu səbəbkarın, Sovqatla zalımın evinə gəldim. Xalqın ulaqları kəklik tək səkər, At mayallaq aşar, öküzlər çökər, Bacım oğlu gözlərindən yaş tökər, Yolları deyinə-deyinə gəldim. Şuşa baqqalları, ara qatanlar, Dini girov qoyub, iman satanlar, Xırman sıpası tək şıllaq atanlar, Nadanlar adına tənayə gəldim. Zoğalın qaydına qalan olmadı, Mənim kimi mağmın olan olmadı, Öküzlərin gönün alan olmadı, Nəzərdə diqqətin səyinə gəldim. Allahqulugildə vardı bir nökər, Gecə durub haramzada bixəbər, Atın çulun alıb, at olub qəysər, Dalını basdırdım, peyinə gəldim. Bir baqqal zoğalı qoydu kasıya, Süzələndi suyu axdı lasıya, Yükünü kəsdilər bir abbasıya, Onu da istədim, nisyə gəldim. Valeh sinəsinə çəkildi bu dağ, Zoğal ağacından hər kim əksə bağ, Arvadı lotudur, özü qurumsaq, Bu sözlə sənətin çiyinə gəldim. * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-valeh-ehvalatlar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1822). Public domain (author died 1822). Original text only.