Gəraylılar Aşıq Valeh (1722–1822) Bu gələn bir cüt gözəlin Bu gələn bir cüt gözəlin Yolunda qoymuşam səri. Biri əcəb səfalıdır, Birisinin adı Pəri. Biri dağların qarıdır, Biri bağçalar barıdır. Külli dünyanın varıdır, Lərzəyə salıb sərsəri. Valeh sevdi Zərnigarı, Olar onun xidmətkarı. Atsa üzündən qubarı, Mat eylər şəmsü qəməri. * * * Gəldim Qarabağdan səfər etdim, Mülkü Şirvana mən gəldim. Məcnun tək düşdüm səhraya, Dəli-divana mən gəldim. Şamaxı şəhrinə yetdim, Əcayib seyrilər etdim. Daşkəsən gədiyin ötdüm, Xaki rizvana mən gəldim. Xoşdu Cəvanı yaylağı. Soyuq sular, tər bulağı, Bahar fəsli gəlin çağı, Əcəb xəndana mən gəldim. Mən Valehəm, Zərnigara, Sığındım pərvərdigara, Canımı saldı odlara, Misli pərvanə mən gəldim. * * * Eylə Alçaqlı, ucalı dağlar, Halal eylə, hümmət eylə. Qarşı qarşı duran bağlar, Halal eylə, hümmət eylə. Köçüm gedir düzlərinən, Dövran sürdüm sizlərinən, Neçə gəlin, qızlarınan, Halal eylə, hümmət eylə. Valeh gedir bir murada, Sığınıbdı min bir ada, Ya gələ, ya gedə bada, Halal eylə, hümmət eylə. * * * Dilbər Durum, dolanım başına, Aşığından küsən dilbər. Üzüm sürtüm göz-qaşına, Nə mən dinim, nə sən dilbər. İtirmişəm maralımı, Bir sinəsi yaralımı, Gündüz səbrü qərarımı, Gecə yuxum kəsən dilbər. Bu nə adətdi insanda, İxtiyar qoymadı canda, Bu zülm olmaz, müsəlmanda, Kafərmisən, nəsən dilbər? Görmədim mən, sən tək yağı, Sinəmə çəkmisən dağı, Qara geyim mən, sən ağı, Görən desin usan, dilbər. Valeh, əzəldən bəy idi, Qaşların qəddini əydi, Mən nə dedim, sənə dəydi, Bu mən dilbər, bu sən dilbər. * * * Kağızı Gözləriniz aydın olsun, Gəlibdi yarın kağızı. Bülbül uçar yuvasından, Gəldi nigarın kağızı. İnciməsin gülü xəndan, Gələr günlər, keçər sandan, Can ayrılır cananından, Gəldi qubarın kağızı. Valeh ağlar yana-yana. Səfər edər Dağıstana. Çağırır cəngə-meydana, O Zərnigarın kağızı. * * * Olum Ay ana, bu cüt sonanın Hansına qurban mən olum? Süzgün baxıb can alanın Hansına qurban mən olum? Könül bağladım bir ada, Dərd tapdım həddən ziyada, Hər ikisi mələkzada, Hansına qurban mən olum? Cüt baxışlı, nazlı xanım, Xoş avazlı mehribanım, Valeh deyər: var bir canım, Hansına qurban mən olum? * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-valeh-geraylilar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1822). Public domain (author died 1822). Original text only.