Qoşmalar Aşıq Valeh (1722–1822) Bil Molla Pənah, ərzim sizə söyləyim, Mahallıqca biz düşmüşük dara, bil. Şadlığı axtaran biçarə kəslər Həmdəm olub yenə ahu-zarə, bil. Valehəm, bu dərdə varmı, de çarə, İsgəndər bəy bizi salıb azarə. Var-dövləti çəkib tökdü bazarə, Biz rəiyyətik belə sitəmkarə, bil. * * * Bir gün Könül, gəl əl götür bu qəm-qüssədən, Sənin də yurdunda toy olar bir gün! Vaxt olar ki, dəyişilər bu dövran, Bahar fəsli gələr, yay olar bir gün! Düşübdü həyatın tubu borana, Laləzarlı yurdlar qalıb virana, Fəsil çönər, dağlar dönər arana, Bu buzlar əriyib çay olar bir gün! Alıbdı namərdlər vaxtı araya, Zülmkar şah olub çıxıb saraya, Haqq-ədalət gəlib çatar haraya, Zalımlar evində vay olar bir gün! Unutma, ey Valeh, gələr bir zaman, Şənliyə bürünər bu çöl, bu orman, Məzlumlar həyatı olar çıraqban, Qüdrətdən bəxtinə hay olar bir gün! * * * Məndədi Bir qız ilə bir gəlinin bəhsi var, Gəlin deyər, bu gün meydan məndədi. Qız da deyər, açılmamış qönçəyəm, Fəsli bahar, baği reyhan məndədi. Gəlin deyər, ördəyim var, qazım var, Şirin-şirin söhbətim var, sazım var, Sallananda yüz qız qədər nazım var, Həya, iman, ədəb, ərkan məndədi. Qız deyər, mən oxşamışam anama, Ləlü mərcan düzülübdü tanama, Əl vursalar tağdan qopar şamama, Əl dəyməmiş taği bostan məndədi. Gəlin deyər, gəl, qız, düşmə araya, Gər mən ölsəm, aləm batar qaraya, Bəzənərəm, sallam səni bəlaya, Şövq salan, camalü can məndədi. Valeh deyər ikinizə mən qurban, Yolunuzda mən qoymuşam başla can, Əyləməyin bu qəribi bağrı qan, Sizdən ötrü çeşmi giryan məndədi. * * * Bükülmüş Bu yer gözəlinə nabələd oldum, Söz dedim, qurumuş dilə bükülmüş. Xətayını görcək eylədim xəta, Dürrü-gövhər bir məndilə bükülmüş. Səhər ikən mehman olduq bunlara, Geyinib batıblar yaşıl, allara, Qızıl bazubəndlər şümşad qollara, Gümüş kəmər incə belə bükülmüş. Qurban olum ala gözün məstinə, Süzgün baxıb, girmə canım qəsdinə, Əlim qoyum tər sinənin üstünə, Darçına, mixəyə, hilə bükülmüş. Nabələdəm ulusuna, soyuna, Mina gərdəninə, uca boyuna, Divanə Valehi sən al qoynuna, Elə bil ki, bülbül gülə bükülmüş. * * * Bəyənməz Hərcayı bədəslə vermə əməgin, Səni sayar cüvəllağı, bəyənməz. Kasıblıqda tapmaz yavan çörəyi, Eşitsə baylığı yağı bəyənməz. Cüzi çeşmə nədən tə`n edər çaya, Dəli könlüm, möhtac olma kimsaya, Bir kəs ki alçaqdan çıxa ucaya, Özüdən qeyrini dahı bəyənməz. Ha belə gəlibdi dövrü zamana, Tülkü hücum edir kəbir aslana, Yabı cövlan edib girər meydana, Köhlən atı çapmaq çağı bəyənməz. Məsəldi atlıya çatmaz piyada, Xər-xiş gər gürg ilə girər inada, Özünə çe qürrə verər səhrada, Kiçik təpələr də dağı bəyənməz. Gərənayin olmaz fəryadi cərəs, Dəfi-lanə etməz xəzan xarü xəs, Bəzirganlar gətri mətai əbəs, Valeh Hinddən gələn ağı bəyənməz. * * * Gəlmisiz Toy-düyündən gələn qızlar, gəlinlər, Toyunuzdan əcəb hallı gəlmisiz. Aşıq öldürməkdə varmı qəsdiniz, Nə fikirli, nə xəyallı gəlmisiz? Biri birisini çağırır bacı, Biri başqasına baxır qıyğacı, Nə vaxtdı dahanım dadıyır acı, Üçünüz də ləbi ballı gəlmisiz. Eynini eynimdən eyləmə iraq, Axıban didəmdən tökülər fəraq, Bir sənəm, bir Valeh, bir xəlvət otaq, Hayıf ola qalmaqallı gəlmisiz. * * * Gəlsin Qarabağdan dov eləyib gəlirəm, Məndən dovtələbi varsa, de gəlsin, Cəhənnəmi bu dünyada göstərim, Hansı bəndə günahkarsa, de gəlsin. Çıxaram meydana divanə nisbət, Pəhləvanam, Əbdülmərcana nisbət. Firona, Firdövsi, Salsala nisbət, Onlardan da xəbərdarsa, de gəlsin. Mənəm şair Məhəmmədin növbatı, Aşıq Güllü, aşıq Cünun nabatı. Aşıqlıqda hər kəsdənin evladı Valeh ilə bərabərsə, de gəlsin. * * * Görəsən Sallanıb çıxanda gül xiyabandan, Od tutub alışan narı görəsən. Baxasan qamətə, hüsnü-camala, Məni dərdə salan yarı görəsən. Xudadan pər alıb oldum pərvanə, Yanıb qəm oduna oldum divana, Bir haqq aşiqi ki, dərdi pünhana, Kim göstərər mənə barı görəsən. Girəydim bağına, görəydim barın, Uzadıb əlimi dərəydim narın, Bu xəstə Valehin nazənin yarın, Nə yaxşı yaradıb tarı görəsən. * * * Çəkər Sallana-sallana bağa çıxanda, Sərv qamətindən xəcalət çəkər. Lalə yanağından, nərgiz üzündən, Qonça gülüşündən nədamət çəkər. Nəstərən, bənöfşə çalışa yüz il, Çətindi ömrünə yetəndə müşkül, Əgər zülflərinlə bəhs etsə sünbül, Düşər ayaqlara qərabət çəkər. Valehin bağrını eylədin büryan, Qurbanam yolunda ay əbrü-kaman, Mən deyiləm təkcə hüsnünə heyran, Həsrətini külli vilayət çəkər. * * * Dardadır Coşğun eşqim, gəl mənimlə həmdəm ol, Qeydə qalaq, bir sirdaşım dardadır. Qəvvaslıq et, sirri-xilqət bəhrinə, Candan əziz bir yoldaşım dardadır. Aşıq Mahmud bir ustaddı dağ kimi, Aşıq Soltan bir meyvəli bağ kimi, Aşıq Əhməd bil saralıb yağ kimi, Yol gözləyir, bir qardaşım dardadır. Aşıq Valeh sənətində yanılmaz, Zər olmasa, zərgər adı anılmaz, Odda qızarmasa, polad yonulmaz, Can ayrılıb candan, başım dardadır. * * * Deyilmi? De, necə şad olum bu aləmdə mən, Dünya fani, insan mehman deyilmi? On səkkiz min böyük sirli dəryalar, Başdan-başa dolu, al qan deyilmi? Tarihin cəryanı, bizə yan verir, Zalıma, cəllada qüvvət, qan verir, Fağır-füqəralar vaxtsız can verir, Zamana, yoxsula düşman deyilmi? Zalımı şah edir bimürvət fələk, Zülmünü görəndə, deyir mübarək, Qoymayır aləmdə, biz də gün görək, İnsana zülm edən insan deyilmi? Valeh necə dözsün belə möhnətə, Təriq əhli düçar olub möhnətə, Necə piranələr gəlib mihnətə, Qamçı altda cismi üryan deyilmi? * * * Düşmüşəm Bilin, dostlar, çarəsizdir dərdlərim, Qəm içində ahü zara düşmüşəm. Nə müddətdir pünhanlardı məkanım, Bahar fəsli çovğun, qara düşmüşəm. Baxtımın günəşi zülmətdə batıb, Yer salıb torpağın qoynunda yatıb, Məni nəzərindən irağa atıb, Kömək yoxdur, yaman dara düşmüşəm. Bir şeyda bülbüləm, yerim qəfəsdi, Qəlbimin həmdəmi dərdli nəfəsdi, Deməyin ki, bu ahü zar əbəsdi, Alovlu eşqimlə nara düşmüşəm. Valeh kimdir, dərd əhlinin loğmanı, Həsrətimi deyin ona pünhanı, Söyləyə bu dərdin nədi dərmanı, Fələk salıb başa qara, düşmüşəm. * * * Dünya Haqdan fərman gəlib, qərar tapanda, Başlamısan cəngə, savaşa dünya. Qəsdinə girmisən yaranmışların, Cümləsin vermisən talaşa dünya. Neçə nəbiləri keçirdin yandan, Nuh tufanı qopdu, doymadın qandan, Zaloğlu Rüstəmi eylədin candan, Bükdün Süleymanı farmaşa dünya. Neçələrin saldın, çovğun, borana, Neçələrin etdin dəli divana, Neçələri nakam getdi məkana, Qoymadın onları yanaşa dünya. Valeh ağlar, görüb belə divanı, Kimsələrə gəlmir daha gümanı, Kama çatıb, şənlik edən zamanı, Döndərdin şənliyi, qan, yaşa dünya. * * * Haldayam Qəhri-qəza məni yaman xar etdi, Yet haraya, Valeh, yaman haldayam. Ömrüm bağın boran etdi, qar etdi, Yet haraya, Valeh, yaman haldayam. Döyüş meydanında bir ər idim mən, Hər xilqət hesablı bir sər idim mən. Qatar qabağında bir nər idim mən, Köç qayıdıb geri, indi daldayam. Naxçıvanlı sərsəm aşıq Süleyman Gəlib bizim ilə açmağa meydan. Görməmişəm hələ mən belə fərman, Fikirim dağıldı, qeylü qaldayam. Səmədi xəstəlik salıbdır kardan, Bol edib payını bu ahüzardan. Xəyalı düşkünü gəl qurtar dardan, Yatıbdır taleyim bu əhvaldayam. * * * Hanı Dəhri-fənada belə insan hanı? Qılmaya fani onu dövran, hanı? Ey bivəfa dünya, sən nə zalımsan?! Bu qayətdə sana gələn can hanı? Əvvəl sana gəldi Adəmü Həvva, Beş gün qonaq oldu səndə binəva. Öldürdün Habili, saldın bir dəva, Düşdü arasına nahaq qan, hanı? Neçə padişahlar gəldi sahib-cəng, Cəmşidi-Cəm, Nuşirəvanü Huşəng, Daqyanus, Hülaku, Çingiz, Teymurləng, Onlardan bircəsi bu zaman hanı? Neçə həkim gəldi təbibi zaman, Ərəstu, Əflatun, Fərəzdəq, Xaqan. İstədi dirildə özünü Loğman, Qaldı kuzəsi də yarımcan, hanı? Dünya, səndə Aşıq Səməd var idi, Nəzmü şeri ləlü gövhərbar idi, Bir gözəl eşqinə giriftar idi, Onun kimi bəs bəhri-ümman hanı? Bu dünyada heç də gəzməmişdi kəm, Aşıq Əli oğlu Aşıq Məhərrəm, Həsrətin çəkərdi Rum, həm Əcəm, Əlində tütəyi-balaban hanı? Tamam yola gedər heyif gözəllər, Sərdə müşkü ənbər qoxuyan tellər, Murad üstə neçə xınalı əllər Torpağa döndülər vay, aman, hanı? O ala gözlərə, o gül yanağa, O nazik əndama, o tər buxağa, Necə qıyıb döndərirsən torpağa? Nazənin-nazənin incə can hanı? Hafizü, Nəvai, Füzuli, Cami, Şeyx Sədi, Hilali, Ürfi, Nizami, Dünya, səndə gəşt eyləyib tamami, Firdovsi tək nəzmi dürr-əfşan hanı? Hanı Molla Pənah, bivəfa cahan, Təxəllüsü Vaqif, nəzmi dür-əfşan. İndi eyləmisən xakilə yeksan, Tapmaq olmaz o kamalda can, hanı? Müşkül işdi bir də dolana dövran, Növbət mənə yetə, aman, əlaman!.. Bir gün ola, görən, bilən, tanıyan Deyələr Valehi-natəvan hanı? * * * Hardadı Molla Kərim, indi səndən soruşum, Söylə, sənin din-imanın hardadı? Cəhənnəm əhlisən, yoxsa ki Cənnət, Bilirsənmi, öz məqamın hardadı? Kədərin hansıdı, kinin hansıdı, Məzhəbin hansıdı, dinin hansıdı, Ahılsan, cahılsan, sinin hansıdı, Mətləbin hardadı, kamın hardadı? Etiqadın İsayadı, Musaya, Meylin məscidədi, yoxsa kilsaya, Qiblən müqərrərdi, hansı binaya, Vadiyi Berutda damın hardadı? Aşiq Valeh sənətindən dönərmi, Yel əsməklə yanan günəş sönərmi, Pəhləvan döyüşdə, qaçıb sinərmi, Meylin badə çəkir, camın hardadı? * * * İstərəm Abdulla xan, sarayına üz tutub, Ərzimi məktubda demək istərəm. Baxtım yatıb, işim düşüb müşkülə, Gözümün yaşını silmək istərəm. Dərd əlindən çəkilmişəm pünhana, Az qalıb kədərdən ürəyim yana. Salıbdılar məni şərə, böhtana, Nə yaşamaq, nə də ölmək istərəm. Binəva Valehəm, el harayında, Min matəm oxunur can sarayında, Ömürüm zülmətdir qəm diyarında, Əhvalım yamandır, kömək istərəm. * * * Keçibdir Sambur çayı, qəmli-qəmli axırsan, Üzərindən nə dövranlar keçibdir. Külli Dağıstanın seyrangahısan, Tufan qopub, nə boranlar keçibdir. Nuh tufanı yatıb, sən yaranmısan, Neçə qərinələr yola salmısan. Süleymanlar görüb, hələ qalmısan. Dəyişilib nə əyyamlar keçibdir. Həsrət qoyma, ay çay, bizi beş günə, Barı kəmənd atma ömrüm köşkünə! Adı bəlli, böyük haqqın eşqinə, Valeh kimi neçə canlar keçibdir. * * * Mən Nəzərdən salmayın, camaat, məni, Həqiqət mülkündə bir baharam mən. Nə alim dostuyam, nə də zəmanə, Mərhəmət soltanlı bir diyaram mən. Bilmək istəsəniz işin düzünü, Məndə taparsınız haqqın sözünü, Lə`nət yuyar mollaların izini, Xilqət hesabında bir çaharam mən. Hansı hökm gəlib - insan ağlasın, Çahar fəsil başa qara bağlasın. Fəryad etsin, sinəsini dağlasın, Hər yuxu mə`nasın düz yozanam mən. Aşıq Valeh sənətinin bazıdı, Həqiqət mülkünün bahar-yazıdı, Bilikdə molladı, həm də qazıdı, Anlayış süfrəli bir naharam mən. * * * Nə dedi Başına döndüyüm yarın nökəri, Dərdimi canana dedin, nə dedi? Sən də mənim kimi şirin dil ilə, Çəkdin bir pünhanə dedin, nə dedi? Hatəm bağçasında oynar gülünən, Gəlmədim yanında qalam ilinən, Dediyim söhbəti, sözü sirinən, Yalvardın, sən ona dedin, nə dedi? Mən sevmişəm ağ üzündə xalını, Yoxsa məndən gizlər mah camalını, Divanə Valehin ərzi-halını, Yusifi Kən`ana dedin, nə dedi? * * * Oldu Bu dəhri fanidə guşu kar olan, Həyat boyu dövran sürən kim oldu? On səkkiz min xilqət sirrin ayan et, Beytullah binasın hörən kim oldu? Necə cismi yaranıbdır atasız, Süd əmməyib, yaşa dolub anasız. Neçə səyyah yaşayıbdır binasız, Bu suala cavab verən kim oldu? Hansı əkizlərdir məşhur adı var, Biri xəbər verən, biri hökmdar. İkisinə nəsib oldu bir məzar, Bu sözləri sual verən kim, oldu? Hansı əza ibadətdə zay olub, İki kəlmə, iki min bir say olub. Aşıq Valeh gör kimlərə tay olub, Təhiyyə ümmanın görən kim, oldu? * * * Olsun Telli sazım, səni məndən eyləyən, Ömür boyu bu aləmdə xar olsun. Gəlməsin baharı, açmasın gülü, Fəryad etsin, qəlbi ahü-zar olsun. Kimsəsi olmasın qəlbin dindirə, Yeddi yerdən başı keçsin kəndirə, İstəkli balası düşsün təndirə, Könül mülkü boran olsun, qar olsun. Yüz il xəstə yatsın, cismi ölməsin, Ürəyi şad olub, üzü gülməsin, Həkimlər, loğmanlar dərdin bilməsin, Gözləri kor, qulaqları kar olsun. Aşıq Valeh nə bəlaya tuş oldu, Bahar fəsli çovğun, boran, qış oldu, Sərsəm etdi səri, çaşqın huş oldu, Namərdə nifrəti eldə car olsun. * * * Sambur Əsriyib-əsriyib, kükrəyib axan, Ağzı ağ köpüklü divanə Sambur! Atanın-ananın bircə oğluyam, Qıymagilən sən bu mehmana, Sambur! Qanlı-qanlı qayalardan çıxırsan, Şaqqıldayıb dərələrdən axırsan, Yerdən tərpənəndə evlər yıxırsan, Baxmazsan heç yaxşı-yamana, Sambur! Valeh deyir: - bulaqlardan gözün var, Güclüsən sən, qüvvətli də sözün var. Nə çox şaqqaların, nə çox izin var. Neçəsin vermisən ziyana, Sambur! * * * Sevdiyim İllərilən həsrətini çəkdiyim, Döndü əlif qəddim yaya, sevdiyim. Neçə hicrət, bəla, cövrü cəfadan, Heyf ömrüm getdi zaya, sevdiyim. Aşkar deyil, mənim dərdim pünhandı, Firqətindən eşqi çeşmim rəvandı, Malım, mülküm, cümlə canım qurbandı, Sənin təki mehliqaya, sevdiyim. Lütf elə aşiqə vəfa qıl vəfa, Ay qəmzəli yağı, gözləri şəhla, Səni məndən hər kim qılarsa cida, Görüm düşsün yüz bəlaya, sevdiyim. Ağlamaqdan çeşmim qaldı ziyadan, Bizə meyi et, kəs ülfətin riyadan, Tanrı səni hifs eləsin bəladan, Qail ol sən bu Mövlaya, sevdiyim. Valehəm, eşqindən ey şuxu leyla, Səni sevdim, oldum aləmə risva, Aşiqəm, yolunda çəkmişəm cəfa, Yarın qıyma bu cəfaya, sevdiyim. * * * Söhbət aç Aşıq Feyruz, kamalına badə ver, Üç altının diyarından söhbət aç. Çahar, şeşin mə`nasını yozgilən, Həfti pəncin bazarından söhbət aç. Otuz altı hansı bağman bağıdı? Yetmiş iki hansı bina tağıdı? Eşqin bağı hansı məhsul yağıdı? On dörd alim güzarından söhbət aç. Aşıq Valeh yol açmadı dərinə, Hansı hesab tapmamısan sərinə, Qol bağla gəl, kamil ustad dərinə, On beş aləm baharından söhbət aç. * * * Yaxşıdı Yol keçibən ziyarətə gedənlər, Bir yetimi sevindirmək yaxşıdı. Nə lazımdı zəhmət çəkib yol getmək, Ac, çılpağı geyindirmək yaxşıdı. Mən bilirəm şöhrət üçün gedirlər, Uzun yollarını gödək edirlər, Axır gəlib füqəranı didirlər, Düz insanın xeyrin desək yaxşıdı. Valehəm mən, düzdü vəfam, ilqarım, Bir kimsəyə yoxdu mənim azarım, Qismət olsa mənə öz Zərnigarım, Zər-zibaynan sevindirsəm yaxşıdı. * * * Yavaş-yavaş İsmimi söyləsən, sərsəm edərsən, Başına gələni bil yavaş-yavaş. Dinməyə taqətin qalmaz cəsəddə, Quruyar ağzında dil yavaş-yavaş. Düşmüsən cənginə bir natiq sərin, Məhəbbət bəhrili, kalamı dərin, Ərdəbilə çatdı qəmli xəbərin, Yasını saxlayar, el yavaş-yavaş. Dərdlərin müşgüldür, dərmanın baha, Şadlığına güman yoxdur bir daha. Qucaqla möhnəti, can denən aha, Çeşminin yaşını sil yavaş-yavaş. Qəbrini qazarlar bir qəribyana, Nə bacı ağlayar, nə də ki, ana. Bil, Aşıq Valehdir girən meydana, Qol bağla, minnətə gəl yavaş-yavaş. * * * Var Feyruz, söylə İstambul paşasına, Qarabağın çox dəyərli adı var. Dostlar üçün səfalıdır hər yanı, Düşmən üçün min tufanı, badı var. Bir yanı Gəncədir, bir yanı Şirvan, Bir yanı Arazdır, bir yanı Muğan. Dağları kəklikdir, düzləri ceyran, Gözəl ləzzəti var, şəkər dadı var. Bu torpağa kim əl atsa xar olar, Geniş dünya gözlərinə dar olar. Günü qara, işi ahüzar olar, Bu ellərin köməyi var, dadı var. Ərdəbilli aşıq Mahmud zay oldu, Məsum Əfəndinin yaşı çay oldu, Naxçıvanlı Süleymana tay oldu, Bu mahalda şairlər övladı var. Ustad Səməd sənətdə bir dağ idi, Kələntərli Alı fəndli bağ idi. On il qabaq molla Pənah sağ idi, Valeh kimi aşıqlar ustadı var. * * * Var olsun Sənət meydanında ismi xar olan, Bir əlif de, onda cahan var olsun, Yeddi kəlmə düzəlt səkkiz içində, Tufan olsun, bahar olsun, qar olsun. Bir hesab tap, çahar şeşdə yazılsın, Təzələnsin, köhnə tarix pozulsun, Hər birindən yeddi mə`na yozulsun Hökm olsun, divan olsun, dar olsun. Aşıq Valeh bu hesabı cəm bilir, Suda atəş, nar içində nəm bilir. Anlamazdı hər kim desə, kəm bilir. Matəm tutsun, günü ahü zar olsun. * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-valeh-qosmalar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1822). Public domain (author died 1822). Original text only.