Məktublar Mirzə Fətəli Axundzadə (1812–1878) Ərəbcə, farsca və türkcədən ibarət olan islam dillərinin yazısı üçün yeni əlifba Mayor Mirzə Fətəli Axundzadənin əsəri. Min iki yüz yetmiş dördüncü il hicri, səfər ayı oktyabr, 1857 Mərhum atam Mirzə Məhəmməd Təqi məni səkkiz yaşında ikən məktəbə qoydu. Bir il mütəmadi məktəbə gedib əlifbanı oxudum və Qurani-məcidin son cüzündən bəzi surələri oxumağa başladım. Lakin bir hərf də tanımırdım. Birinci günlər zehnimin itiliyi sayəsində əzbərlədiyim hər bir şeyi sabahısı gün unudurdum. Nəhayət, oxumaqdan o qədər zəhləm getdi ki, təhsildən yaxamı qurtarmaq şərtilə hər cür ağır işə getməyə razı idim. Məktəbdən qaçdım və bir il azad gəzdim. Ondan sonra atam məni anamla bərabər, anamın əmisi mərhum Hacı Molla Ələsgərin yanına göndərdi. O, şəkili Səlim xandan sonra şirvanlı Mustafa xanın himayəsi altında yaşayırdı. Anam yenidən məni oxumağa məcbur etdi. Lakin mənim nifrətim həddindən artıq idi. Üç günlərlə qaçıb orada-burada gizlənirdim. Axırda məni tapıb oxutmağa başladılar. Axund Molla Ələsgər ağıllı və bilikli adam olduğundan məni çox incitmədi. O, son dərəcə yumşaqlıq və mehribanlıqla hərfləri mənə başa salıb, höccələmək qaydasını da öyrətdi. Beləliklə, az bir müddətdə Quranın hər bir surəsini oxumağa qadir oldum və üç ay ərzində Quranı bitirdim və oxumağa nifrət hissi tamamilə məndən uzaqlaşdı. Bundan sonra “Gülüstan” kitabını və tumarları oxumağa başladım. İlahi, necə deyim ki, mən elə bir xəttə və elə hərflərə təsadüf etdim ki, sanki onların mislini əvvəllər heç görməmişdim. Mərhum Axund tədris üsulunu yaxşı bildiyi üçün, məni həm də kəlmələrlə tanış etdi. Nəhayət, mində bir adamda tayı-bərabəri tapılmayan bu müəllimin səyi və can yandırmasına baxmayaraq, mənim oxumağı öyrənməyim yenə də üç-dörd il çəkdi. Məgər belə adamların sayı çoxdurmu ki, uç-dörd il səbr edə bilsinlər? Buna görədir ki, islam tayfaları arasında hər on min nəfərdən bir nəfər savadlı adam tapılmır. Qadınlar isə tamamilə savaddan məhrumdurlar. Uşaqlarımızın bir çoxu əvvəllər məktəbə həvəslə gedirlər. Lakin bir qədər oxuduqdan sonra təngə gəlib, məktəbdən qaçırlar. Məşhur alimlərimizin çoxu ərəbcə kitablardakı ibarələri oxuyarkən, səhv buraxmaqdan əmin deyildirlər. Mollalarımızın bəziləri ancaq ona görə şöhrət tapmışlar ki, onlar ibarələri yaxşı və düzgün oxuyurlar. Bunun nə mənası var? Nə üçün gərək biz bu kiçik iş üzərində bu qədər məəttəl olaq? Bu məəttəlçiliyin bütün səbəbi əlifbamızın nöqsanlı olmasıdır. Birinci, əlifbamızdakı hərflərin çoxunun şəkli eynidir və onlar bir-birindən nöqtələrlə fərqlənirlər. Bəzən elə olur ki, nöqtələr öz yerində qoyulmur və ya tamamilə unudulur. Hər iki halda təzə oxumağa başlamış uşaq hərfləri müəyyən etməkdə böyük zəhmət və çətinliyə düçar olur. İkinci, nəhvçilərin istilahında erab (hərəkə) adlanan sait hərflər sözün tərkibində yazılmır, ancaq ehtimal ilə təyin olunur. Bu vəziyyətin özü də yeni oxumağa başlayanların ən şiddətli çətinliyə düşməsinə səbəbdir. Üçüncü, bir neçə samit və bir neçə sait hərflər bizim əlifbamızda tamamilə yoxdur, lakin dilimizdə deyilir. Samit hərflərdən biri gaf (g) hərfidir ki, “gərd”, yəni toz və “gürd”, yəni pəhləvan bu hərf ilə yazılır. Əcəm gafı (g) olan bu hərfi ərəb kafı (k) ilə yazırlar ki, (“kərd”) (etdi) sözündə feldir. Bir də əcəm kafı ilə türk dilindəki nun (n) hərfi arasında xüsusi bir hərf vardır. Məsələn, “könül” –, yəni – ürək və – yəni sənin və bu kimi kəlmələrdə osmanlılar onu nuni-səğir adlandırırlar. Bunun əvəzində də ərəb kafı “k” yazılır. Bu isə oxucunun birinci vaxtlarda səhvlər buraxmasına səbəb olur. Sait hərflərdən, yəni hərəkələrdən a, u, i hərflərindən başqa heç birisinin şəkli əlifbamızda yoxdur. Lakin dilimizdə onun dörd qismi mövcuddur. Məsələn, “şuriş” (qiyam) kəlməsindəki bir u, türk dilində – yəni oldu, – yəni öldü, – yəni üzüm. Beləliklə, burada üç cür (u) vardır ki, hər üçü “şuriş” kəlməsində olan (u)-dan başqadır və bunların hər birisi oxunan zaman biri digərindən fərqləndirilməlidir. Dördüncü, təyin olunan erablardan (hərəkələrdən) fəthə ilə kəsrə arasında bir səs də (e) vardır ki, dilimizdə mövcuddur. Məsələn, “mey” (şərab) və “peyda” (aşkar) kəlmələrində birinci hərfdən sonra gələn hərfdir ki, “beş” və “gec” kəlmələrində də eyni səs mövcuddur; lakin əlifbamızda bu səs yoxdur. Xülasə, əgər düzgün diqqət yetirsəniz, biz kəlmələri hərflərin vasitəsilə deyil, bəlkə də vərdişə görə və kəlmələrin görünüşü əsasında Çin xalqı və qədim misirlilər kimi oxumağa qadir oluruq. Nə qədər qiymətli vaxtımız bu vərdişi öyrənmək üçün zay olur. Bununla bəra-bər, dilçilərdən başqa bizə ərəbcə kitabları oxumaq və faəl-fel və eynəlfel erablarını qavramaq istənildiyi qədər müyəssər olmur. Bu vəziyyət olduğu kimi qala bilməzdi. Çünki bu, həqiqətə və təbiətə müxalifdir. Heç olmazsa, islam yazısının əlifbasında 500 ildən sonra, gələcək padşahlar zamanında da olsa, bir yenilik yaratmaq lazım gəlirdi. İslahat aparmaq zəruri idi. Lakin mən əlifbanı təzələmək işində qabağa düşdüm və bütün qeyd edilən çətinlikləri aradan qaldırdım. Yeni əlifbanı oxuyarkən, görəcəyiniz kimi, onu təzələməyin səbəbi o qədər aydındır ki, izaha ehtiyac yoxdur. Ancaq bunu demək kifayətdir ki, bu yeni əlifba vasitəsilə bütün islam tayfaları az bir zaman içərisində öz dillərində oxumaq və yazmaq imkanına malik olacaqlar. Xüsusilə qadınlar ancaq bu yeni əlifba vasitəsilə savad öyrənməyə qadir olacaqlar. Lakin bu yeniləşdirmə ancaq o zaman fayda verə bilər ki, islamın şövkət sahibi olan tacdarı və böyük bir ölkənin sahibi onu öyrənmək barədə öz hümmətini sərf etmiş olsun. Ona görə də mən bu yeni əlifbanı dövləti-əliyyeyi-Osmaninin başçılarının nəzəri-diqqətinə çatdıraraq, xahiş edirəm ki, onu Cəmiyyəti-elmiyyənin məşvərət məclisində nəzərdən keçirsinlər. Əgər mənim gətirdiyim dəlillər məşvərət məclisi üzvlərinin nəzərində ağlabatan görünərsə, belə bir qərar qəbul etsinlər ki, yeni əlifba çap olunsun və islam tayfaları arasında yayılsın, məktəblərdə keçmiş əlifba ilə bir sırada onu öyrənməyə səy etsinlər. Bu yeniləşdirmədən məqsəd, keçmiş yazı qaydalarını dəyişdirmək deyildir. Çünki bu iş çoxlu maneələrin mövcud olması sayəsində qeyrimümkündür. Məqsəd ancaq bundan ibarətdir ki, bu yeni əlifba da islam xalqları arasında mövcud olan müxtəlif xətlərdən biri sayılsın. Ona görə ki: Birinci, əhalinin bəzi təbəqələri keçmiş yazının çətinliyi üzündən, maddi imkanın olmaması, uzun müddət vaxt sərf edə bilməmək nəticəsində onu öyrənmək imkanından məhrum olduqlarına görə, bu yeni əlifba ilə savad öyrənib öz məişət işlərini idarə edə bilsinlər; İkinci, xarici dillərdən islam xalqları dillərinə tərcümə edilmiş bəzi kitablarda yerlərin, ölkələrin adları, tibbi istilahlar və sairə bu kimi sözlər keçmiş yazımızla aydın ifadə olunmur. Həm də lüğət kitablarımızda kəlmələrin oxunmasının üsulu köhnə əlifbamızla aydınlaşdırıla bilmir və buna görə də həmin kitablar bu yeni əlifba ilə çap edilə bilər. Tamamilə yəqinimdir ki, bu cür yeniləşdirmə şərafətli şəriətə zidd olmayacaq və hörmətli ruhanilərimiz də onu öyrənməyə mane olmayacaqlar. Ona görə ki, bir neçə yüz il bundan əvvəl kufi xətti dəyişdirilmişdir və ruhanilər də bu dəyişikliyə razılıq vermişlər və ümid edirəm ki, onlar bu yeni əlifbanın əski əlifba ilə yanaşı öyrənilməsinə də razılıq verəcəklər. Xüsusilə ona görə ki, bütün xalq kütlələri bu yeni əlifbadan faydalanacaqlar. Hörmətli ruhanilərimiz, heç şübhəsiz ki, indiyə qədər qaranlıq və məlumatsızlıq dənizində qərq olub, ruhani ləzzətdən məhrum qalan yazıq savadsızların halına ürəkdən yanacaqlar. Onlar bilirlər ki, bu kütlələr nə keçmişdən xəbərdardırlar, nə də gələcəyi dərk edirlər, ancaq gözləri ilə görüb, qulaqları ilə eşitdiklərini bilirlər. Buna görə də islam xalqları elmlər və sənətlər sahəsində inkişaf etməyib, gündən-günə tənəzzülə uğrayıb geridə qalırlar. Bundan başqa, müqəddəs islam dininin ardınca gedənlər savadsızlıq nəticəsində dini məsələləri bilməkdən və özlərinin şəriət vəzifələrini başa düşməkdən acizdirlər. İngiltərə ölkəsində məşhur bir sənət vardır ki, ona stenoqrafiya deyirlər. Bu isə sürətlə yazmaq sənətidir. Bu sənətin şərtlərindən biri də odur ki, kəlmələrin hərfləri belə şəklə malik olmalıdırlar ki, onları yazarkən qələm, kağızın üzərindən götürülmür və bir dəfə dolanmaqla onların hamısını yazıb qurtarır. Demək, təsdiq olunur ki, yazı yazarkən qələmi kağızın üzərindən götürmək bu işin gecikməsinə səbəb olur. Keçmiş islam yazısında hərflərin çoxunun nöqtəsi vardır ki, asan oxumaq xatirinə bu nöqtələri qoymaq vacib sayılır. Lakin o nöqtələrin hər birisini qoymaq üçün qələm kağızın üzərindən götürülür. Ona görə də yeni əlifbada yazı işinin gecikməsini aradan qaldırmaq həm də bəzi kəlmələrin biri digərinə oxşarlığını rəf etmək üçün nöqtələri tamamilə atdım və hər bir səs üçün xüsusi bir əlamət tapdım ki, onun vasitəsilə başqasından fərqlənəcəkdir. Nöqtələr aradan qaldırıldığı halda, hərflərin sayının erablar hesabına bir qədər artırılması mümkün hesab edilməlidir. Xüsusilə ona görə ki, bu işdə bütün hərflərin şəkillərinin ancaq qələm bir dəfə hərəkət etməklə yazılıb qurtaracağı nəzərdə tutulmuşdur. Yeni əlifbada, heç bir kəlmədə erabın ehtimal ilə təyininə qətiyyən yol verilməmişdir. Onların hamısı gərək əlaqədar samit hərflərin yanında yazılsın. Erabın, yəni saitlərin yazılması hesabına sözlər bir qədər uzun nəzərə çarpacaqdır. Lakin bu işdə olan böyük faydanın yanında bunun o qədər də zərəri yoxdur. Xüsusilə ki, mətbəələr kitabları əl ilə köçürmək zəhmətini aradan qaldırmışdır. Avropalıların dillərində yazılan kəlmələrin uzunluğu buradakından iki dəfə artıqdır. Onların bir çoxu o qədər uzundur ki, əgər onları aydın xətlə yazsalar, bir səhifə kağızın eni o kəlmələrdən birini yazmaq üçün darısqallıq elər. Erabın yazılması hesabına sözlərin yazıda uzanması müqabilində yazı üsulunu tamamilə dəyişdirmək lazımdır ki, yazıda ixtisar və asanlaşma əmələ gəlsin. Məsələn: Birinci, hər kəsin haqqında olan ləqəbləri bir-iki kəlmədən artıq yazmamalı; İkinci, bir mənanı və ya bir mətləbi sinonim sözlərlə və ya müxtəlif ibarələrlə təkrar etməsinlər; Üçüncü, məktublarda özlərini və müxatəbi qayib şəxs məqamında yazmasınlar. Çünki bu təbii vəziyyətin ziddinə və yazıda aydınlığın əleyhinə olan bir işdir. Doğrudur, belə bir dəyişiklik əvvəllər qəribə görünəcəkdir. Lakin bu, adət şəkli aldıqdan sonra qəribəlik aradan çıxacaqdır; Dördüncü, nəsr yazılarında qafiyəyə əhəmiyyət verməməlidirlər. Çünki qafiyə xatirinə yazılarda artıq sözlər işlənilir və vacib olmayan mənalar meydana çıxır. Bu üsul bizə ərəblərdən yadigar qalmışdır. Lakin bu aydın bir səhvdir, onu yazıda gözəllik şərtlərindən saymaq olmaz. Fəsahətli kəlam ondan ibarətdir ki, müxtəsər və aydın olsun; Beşinci, adət edilməmiş qəliz kəlmələri işlətməkdən çəkinməlidirlər. “Tarixi-vəssaf” kitabının müəllifi Sultan Məhəmməd Olcaytunun hüzuruna daxil olub, dua söyləməyə başladı. O, duasını bitirdikdən sonra Sultan məclisdəkilərə müraciət edib buyurdu: “Bildim ki, dua edir, amma nə dediyini anlamadım”. Bu cür yazı, istər nəzmdə olsun, istərsə də nəsrdə, sadəcə cəhalət əlamətidir. Bu qaydaya əməl edən yazıçılardan heç birisinin əsərləri islam ölkələrində tam şöhrət tapmamış və onlardan bir çoxu tamamilə unudulub, tərk edilmişdir; Altıncı, qeyri-uyğun təşbihlər və mübaliğələr tamamilə tərk edilməlidir. Məsələn: Tərcüməsi: Fələk deşən nizəsinin qorxusundan yüksək fələk qarnını özünə (tərəf çəkib) oğurlayıbdır. Mirzə Mehdi xanın “Tarixi-Nadir” kitabında olduğu kimi, föhrüst əvəzinə “bəraətül-istehlal” ləfzini işlətməsinlər. Çünki bu mənasız işdir. Yeddinci, yazını danışıq dilindən həddindən ziyadə fərqləndirməsinlər. Yəni bir neçə mətləbi bir cümlə dairəsində biri digərinin ardınca və qarışıq yazmasınlar, bəlkə də qədim zamanlarda olan katiblərin əksinə olaraq hər bir mətləbi ayrıca ifadə etsinlər ki, danışıq dilinə yaxın olsun... * * * Diplomatik dəftərxananın müdiri Xvostova Zaqafqaziya ölkəsi baş Komandanlığı diplomatik dəftərxanasının müdiri Xvostova Praporşik Mirzə Fətəli Axundzadənin yazılı məlumat vərəqəsi 5 aprel 1843-cü il 1835-ci ilin əvvəlindən mən Zaqafqaziya ölkəsi Baş idarəsi dəftərxanasının tatar (Azərbaycan – H.M.), türk, fars, ərəb dilləri mütərcimi vəzifəsində olduğum müddətdə bilavasitə mənə aid olan işlərdən əlavə, Qafqaz korpusu qərargahından və başqa yerlərdən, eləcə də Zaqafqaziya ölkəsi Baş idarəsinin diplomatik dəftərxanasından zikr olunan dillərdə göndərilmiş məktubları tərcümə etmişəm. Tərcümə etdiyim bu dəftərxanaların işlərinə aid sənədlər, müxtəlif yazılı aktları istisna etməklə, xarici dövlətlərin yüksək rütbəli məmurları, ələlxüsus Azərbaycan və Ərzurum hakimləri, sərəskərləri və onun tabeliyində olan paşalarla yazışmalardan ibarət olmuşdur. Həm də bu sonuncularla yazışmanı mən yalnız diplomatik dəftərxananın türk dili mütərcimi olmayan vaxtlarda tərcümə etmişəm. Bu dəftərxanaların mənə həvalə etdikləri bütün tərcümə işlərini, üstündən müəyyən zaman keçdiyinə görə, mən xatırlayıb müəyyənləşdirə bilmirəm. Onlardan gözə çarpanları bunlardır: Mən 1841-ci ildə türk sultanlarının mitropolit tərəfindən verilmiş fərmanlarını, Suriya patriarxının göndərdiyi və bu sonuncunun ərəb dilində olan məktublarını tərcümə etmək üçün bu dəftərxanaya ezam edilmişəm; Yaxın keçmişdə də İran şahı və onun yüksək rütbəli başçılarına yazılmış məktubları tərcümə etmək üçün oraya ezam edilmişdim. Bu məktublar mənim tərəfimdən tərcümə edilmiş və Abbasqulu ağa Bakıxanov tərəfindən təsdiq edilmişdir; Bu yaxınlarda da mən türkmən ağsaqqalı Yaxşı Məhəmmədxanın oraya təqdim etdiyi üç fərmanını tərcümə etmişəm. Keçən il kontr-admiral Putyatinin məiyyəti ilə fars dili mütərcimi sifəti ilə İran şəhəri Astrabada ezam edilmişdim. Orada mən yazılı və şifahi tərcümə sahələrində öz vəzifəmi yerinə yetirdim. Həmin ekspedisiya Xarici İşlər Nazirliyinin göstərişi ilə olduğuna görə, yazışma diplomatik dəftərxana vasitəsilə davam etmiş, ona görə də, demək olar ki, bu təqdirdə bu dəftərxana tərəfindən məzkur kontr-admiralın yanına ezam edilmişəm. Bu yazılı ərizəni Zaqafqaziya baş idarəsi dəftərxanasının direktoruna verməkdən məqsədim diplomatik dəftərxana xətti ilə mənim zəhmətimə qiymət verilməsidir. Onun da səbəbi bundan ibarətdir: Mən Nuxada doğulmuşam, Tiflisdə evim yoxdur; mənim 7 başdan ibarət ailəm Nuxadadır. Tiflisdə olan məlum bahalığa görə indiki maaşla ailəmi buraya köçürmək və idarə etməyin bu yaxınlıqda mümkün olmadığını nəzərə alıb, 10 dekabr 1839-cu ildə təsdiq olunmuş təlimata görə bir neçə vaxta qədər diplomatik dəftərxana üçün fars və tatar (Azərbaycan – H.M.) dilləri üzrə mütərcim yeri ayırmaq lüzumunu başçılara təklif etməyə haqlı deyildim. Mən kollegiya müşaviri Vasilevskidən xahiş etdim ki, sizə müraciət edib bu mütərcim vəzifəsini onun maaşını verməklə mənə tapşırsınlar. Beləliklə, mən ailəmlə birlikdə təminat əldə etməklə daimi olaraq Tiflisə köçüb əlahəzrət imperatora xidmətimi davam etdirərdim. İndi isə sizə şəxsən bu xahişlə müraciət edirəm: indiyədək sizin nəzərinizi daim cəlb etdiyimə və dəfələrlə – tərcümələrdə mənə arxalanmaq olar – dediyinizə əsaslanaraq bu vəziyyəti əlihəzrət Aleksandr İvanoviçə çatdırıb, diplomatik dəftərxanada fars və tatar (Azərbaycan – H.M.) dilləri mütərcimi vəzifəsinin mənə tapşırılması haqqında təklif irəli sürəsiniz. Rəyasətin mənə belə diqqətli olması müqabilində söz verirəm ki, oranın türkcə mütərcimi olmayan vaxtlarda mən bütün sənədləri tərcümə edəcəyəm. Praporşik M.F.Axundzadə * * * Baş İdarə dəftərxanasının direktoru Vasilkovskiyə Zaqafqaziya ölkəsi baş idarəsi dəftərxanasının direktoru Vasilkovskiyə Praporşik M.F.Axundzadənin məlumat vərəqəsi 31 iyul 1843-cü il Mülki idarənin zati-ali rəisindən “Şərayeül-islam” kitabını ruscaya tərcümə etmək üçün alıb tanış olduqdan sonra zati-alinizə aşağıdakıları bildirmək məcburiyyətindəyəm: Birincisi. Bu kitab ərəb dilində yazılmışdır. Onun üslubu yalnız sözlərinin mənasına görə çətin olmaqla qalmır, ruhani dildə yazılmış bu və bunun kimi kitabların üslubunun tamamilə xüsusi şəkli və xüsusi xassəsi vardır ki, yalnız ruhani idarənin birinci dərəcəli alimləri ondan baş çıxara bilərlər. Bu alimlər özlərini ruhani rütbəyə həsr etməklə əvvəlcədən o kitablar haqqında məlumat əldə edir və onları əvvəldən axıradək dərslərində oxuyub öyrənirlər. İkincisi. Bu kitab dini qanunları əhatə edir. Misal üçün, gündəlik namazı qılmaq, təharət almaq, kəbin kəsmə mərasimində, ölünün dəfnində, Məkkəni və Məhəmmədin qəbrini ziyarət etdikdə icra olunan ayinlər, eləcə də çöl və dəniz heyvanlarından xörək hazırlanan vaxt riayət olunmalı təlimat və ruhanilər tərəfindən dünyəvi qanunlar adlanan, nikah əsnasında qoyulmuş şərtlər, mülk-mal bölgüsü qaydaları və s. Adı çəkilən kitabın indiki şəklində rus dilinə tərcüməsi zamanı öhdəmə qoyulmuş vəzifənin icra olunmamış qalmasını əsla istəmədiyimə görə hüzurunuza ərz etməliyəm ki, əgər rəyasətə bu kitabın bütün duaları və dini mərasimi ilə birlikdə və ya onlar istisna olmaqla rus dilinə tərcüməsi lazımsa, onda gərək əvvəlcə onu ruhani idarədə işləyən alim bir şəxs asan anlaşılan üslubda fars dilinə tərcümə etsin, yalnız bundan sonra onu rus dilinə tərcümə edə bilərəm. Üçüncüsü. Müsəlmanların şəriət qanunlarına aid kitabları çoxdur. Onların hamısı ərəb dilində ən mürəkkəb üslubda yazılmış, həm də ruhani mərasim mülki qanunlardan ayrılmayıbdır. Buna görə də əgər rəyasətə yalnız bu sonuncular haqqında məlumat lazımdırsa, onda Tiflis axunduna müraciət edib müsəlman ruhani idarəsinin ən alim üzvləri tərəfindən o kitablardan yalnız mülki qanunlar çıxarılıb, anlaşılan üslubda fars dilinə tərcümə edilməli, mükəmməl xüsusi bir kitab tərtib edilməlidir. Onda bu heç bir çətinliyə rast gəlmədən rus dilinə tərcümə olunub hər halda əldə rəhbər tutula bilər. Belə bir kitab tərtib olunandan sonra, əlbəttə, onun həqiqətən şəriətə aid məxəzlərdən əxz edilib-edilməməsi mötəbər şəxslər tərəfindən təsdiq edilməlidir. Belə olmasa, göstərilən səbəblərə görə, hazırda müsəlmanlar arasında mövcud şəriət kitablarının heç birisi rus dilinə tərcümə zamanı qarşıya çıxan çətinliklər üzündən gözlənilən faydanı tam şəkildə verməyəcəkdir. Nəhayət, deyilənlərə onu da əlavə etməliyəm ki, ümumiyyətlə, adı çəkilən bütün bu kitablar peyğəmbərin özü və ya onun ardıcılları tərəfindən yazılmamışdır. Onlar da müxtəlif vaxtlarda müsəlman başçıları və ya ruhanilərinin ehkamı kimi müxtəlif ruhanilər və şəxslər tərəfindən kitablardan və peyğəmbərin hədislərindən və Qurandan alınıb tərtib edilmişdir. Praporşik M.F.Axundzadə * * * Qafqaz Canişini dəftərxanasının direktoru M.P.Şerbininə Qafqaz canişini dəftərxanasının direktoru həqiqi müşavir və Kavaler Mixail Pavlovic Şerbini həzrətlərinə Poruçik Mirzə Fətəli Axundzadənin məlumat vərəqəsi 28 fevral 1852-ci il, Tiflis Qafqaz canişini kimi yüksəkməqamlı bir cənabın Şərq dilləri mütərcimi vəzifəsində çalışmağım tələb edir ki, yaxşı geyinim, özümü və ailəmi, heç bir ehtiyac və məhrumiyyət hiss etmədən dolandıra bilim. Əks təqdirdə, şəhərin belə bir bahalıq şəraitində, ruhi həyəcan keçirmədən, məndən əvvəl hökumət tərəfindən layiqincə təmin olunmuş ştabs-zabit Abbasqulu ağa Bakıxanov, Mirzəcan Mədədov və Şamirxan Bəylərovun yerinə yetirdikləri işin öhdəsindən gəlmək mümkün ola bilməz. İranda külli miqdarda olan ata malımın İran şahzadəsi Abbas Mirzə tərəfindən zəbt edildiyindən indi mənim heç bir xüsusi gəlirim yoxdur. Tikinti komissiyası borcu ilə tikdirdiyim ev mənə nəinki heç bir fayda gətirmir, hətta maaşımdan ildə 300 gümüş manat dövlət xəzinəsinə verməli oluram. Ona görə də qalan maaşım 12 başdan ibarət olan ailəmin ən aşağı səviyyədə yaşaması üçün zəruri ehtiyacımı ödəmir. Həyatın zəruri vasitələrinin çatışmazlığı üzündən ağır və çətin vəziyyətdə olduğuma görə mən iki il bundan əvvəl rəyasətdən xahiş etdim ki, mənə Sartacal məntəqəsindəki xəzinəyə aid Qaracalar və Təklə kəndlərindən Ağalar hüququ əsasında iki kiçik torpaq sahəsi verilsin. Müqavilə üzrə Ağalar işlərinə aid sənədləri uzun müddət tərcümə etdiyimə görə layiq olduğum belə bir mükafat mənə qismən bir dayaq ola bilərdi. Lakin knyaz Canişin bu xahişimi münasib görməyib, buyurdu mənə bildirsinlər ki, mənim əməyim başqa tərzdə maddi yardımla qiymətləndiriləcəkdir. Mən Siz zati-aliyə şifahən ərz etdim ki, maaşımdan xeyli artıq olan adi ev xərclərindən əlavə mən hər ay 15 və ya 20 gümüş manat yalnız faytonçulara verirəm, yoxsa çox vaxt xidməti vəzifəmə görə getməli olduğum yerlərdə vaxtlı-vaxtında hazır ola bilmərəm. Maddi vəziyyətimin qeyri-kafi olması məni bir ucdan borca düşməyə məcbur edir, səhhətimi pozur və məni hətta bir çox faydalı işlərlə məşğul olmaq imkanından məhrum edir. İndi bu namünasib vəziyyətdən çıxmaq üçün zati-alinizin himayəsinə ümid bəsləyərək sizdən acizanə xahiş edirəm mənim maaşıma ildə ən azı 500 gümüş manat artırılmasını knyaz Canişindən xahiş edəsiniz. Bu məbləğin bir hissəsini mülki dəftərxana, bir hissəsini diplomatik dəftərxana fars dili mütərcimi üçün ştat üzrə nəzərdə tutulmuş 200 çervondan ödəsinlər, o vəsaitdən ki, hazırda mənə ondan 80 çervon verilir. Xahiş etdiyim əlavəni mənim maaşımın üstünə gəldikdə 1500 gümüş manat eləyir ki, müsəlmanlardan olan ən kiçik mütərcimlər bu məbləği İrandakı konsulxanalarda alırlar. Bu isə məni çətinlikdən və çıxılmaz vəziyyətdən qurtarıb, məndə yaranan təşəkkür hissləri məni daim öz səyli xidmətimlə zati-alilərinin mərhəmətini doğrultmağa təşviq edər. Poruçik Mirzə Fətəli Axundzadə * * * Canişin dəftərxanasının müdiri M.P.Şerbininə Canişin dəftərxanası mütərcimi poruçik Mirzə Fətəli Axundzadənin raportu 10 oktyabr 1852-ci il. Şuşa Ucaməqamlı knyaz Canişinin buyruğu ilə mən həmin ilin aprel ayının 1-dən qvardiya podpolkovniki Meyyerlə Şuşa qəzasında fevralın 18-də kazaklarla toqquşan kontrabandistlərin sorğu-sualına göndərildim. Mən bu günədək müstəntiqin işində heç bir səsim və dəxalətim olmadan mütərcim sifətilə qulluğun bütün vəzifələrini və Pyotr Martınoviç Meyyerin tapşırıqlarını yerinə yetirmişəm ki, bunu o özü şəxsən sizin hüzurunuzda iqrar edə bilər. Lakin zati-aliniz mənim xəstəhal olduğumu bilməmiş deyilsiniz. Mən hələ may ayında ağır qızdırmaya tutulmuşdum. Bu xəstəlik mənim qısa müddət üçün Tiflisdə olduğum vaxt təzələndi. İndi isə qızdırma məni hər gün əldən salır. Bundan əlavə Şuşanın nəmli havası mənim babasil tutmalarından zəifləmiş səhhətimi tamamilə pozur. Bu səbəbləri və bizim bütün işin tamamilə açıldığını, əsas müqəssirlərin və onların əlaltılarının, demək olar, hamısının danışdırıldığını, onların hər birisinin bizə aid olan işin bütün təfərrüatının öyrənildiyi barədə könüllü etirafını, xüsusilə mütəxəssis və hətta etibarlı mütərcimə ehtiyac qalmadığını və Zaqafqaziya Baş idarəsi mütərciminin olmasını tələb edən heç bir çox mühüm və zəruri dövlət sirri və işi olmadığı üçün mən Pyotr Martınoviçdən xahiş etdim ki, zati-alinizin icazəsi ilə mənim Tiflisə gəlməyimə razılıq versin. Lakin o, mənim səhhətimin doğrudan da pozulduğuna şübhə etdiyi və uzunmüddətli ezamiyyətdən və qurtarmaq bilməyən istintaqdan yaxamı qurtarmaq istədiyimi düşündüyü üçün (bu isə hər bir kəsə doğru görünə bilər) mənim xahişimlə razılaşmadı. Ona görə də mən zati-alilərinizin mərhəmətinə sığınıb acizanə xahiş edirəm, mənim Tiflisin özündə də faydasız olmayan həyatıma rəhminiz gəlsin. Orada mən Canişinin mülki və diplomatik dəftərxanalarına hər gün lazım oluram. Halbuki, hazırda mənim Pyotr Martınoviçin yanında gördüyüm işi qəza idarələrindəki çoxlu mütərcimlərdən hər bir adi mütərcim görə bilər (ona görə ki, bu yerlərdə hər bir dəftərxana işçisi və katibi azərbaycanca bilir). Zati-alinizi cəsarətlə əmin edirəm ki, heç bir mütərcim, ya buralı olsun və ya çinli, Pyotr Martınoviç kimi adama kələk gələ bilməz; o hər bir işi öz istədiyi kimi edə bilir. Əgər zati-aliniz mənim Tiflisə buraxıldığım haqqında onun razılığını istəsəniz, mən onun qələminə və ağlına bələdəm: o istəməsə, fikirləşib elə səbəblər tapar və sizə bildirər ki, siz zati-aliləri mənim xahişimi yerinə yetirmək işində müşkülə düçar olarsınız... Mənim burada artıq bir işim yoxdur, yalnız iqlim şəraiti və bizim dustaqların zıqqılığı məni əldən salır və ruhi dincliyimi sarsıdır. Tatarlar (azərbaycanlılar – H.M.) başqa mütərcimə əyilməzdilər, Ancaq onların mənə yolu var. İşin əvvəlində bu faydalı idi, indi isə tamamilə lazımsız və dözülməzdir. Mən hələ Pyotr Martınoviçin etibarını itirməmişəm, təkcə o mənim buraxılmaq haqqında xahişimdən narazıdır, bunu sadəcə işdən boyun qaçırmaq hesab edir. Ancaq, zati-ali, Allaha, bizim Qurana, peyğəmbərə and içirəm ki, bu qaçmaq deyildir, bu xahiş etməyə məni xəstə vəziyyətim vadar edir... Mən sizə hədiyyə olaraq ucaməqamlı knyaz Canişinin orada olduğum vaxt, avqustun 18-i və ya 19-da İran konsulunun evində mənə lütfən etdiyi təklifi yerinə yetirib, bu günlərdə burada yazdığım iki komediyanı gətirəcəyəm. Bu komediyalardan biri, ümid edirəm, zati-alinizin xoşuna gələcək və camaatı şad edəcəkdir. Poruçik Mirzə Fətəli Axundzadə * * * Qafqaz Canişini dəftərxanasının direktoru A.F.Kruzenşternə Kapitan Mirzə Fətəli Axundzadənin məlumat vərəqəsi 25 sentyabr 1857-ci il Knyaz M.S.Voronsovun canişinliyi vaxtında mən beş komediya yazdım. Bu əsərlər o əlihəzrətin diqqətini mənə cəlb etdirdi, maaşımın 500 manat artırılmasını buyurdu və dəftərxanaya göstəriş verdi ki, xəzinə hesabına 1500 nüsxə çap edilsin və canişinliyin tabeliyində olan hərbi və mülki idarə rəislərinə göndərilsin, arzu edənlərə hər nüsxəsi manat yarıma satılsın və yığılan məbləğ mənə verilsin. O vaxt bu komediyalar rus dilində çap olunub satışa buraxıldı. Alihəzrət knyaz Aleksandr İvanoviçin canişinliyi vaxtında mən “Mürafiə vəkilləri” komediyası və “Aldanmış kəvakib” povestini yazdım. İndi bu iki əsəri təqdim etməklə rica edirəm bu haqda Aleksandr İvanoviçə məlumat verib xahiş edəsiniz öz böyüklüyü ilə mənim ədəbiyyat aləmində birinci hamimi əvəz etsin, bu yeni əsərlərimi ona ithaf etməyimə icazə versin, həm də xəzinə hesabına, qaytarmamaq şərtilə, onların rus dilində çap olunması barədə dəftərxanaya göstəriş versin. Eləcə də bunlar əvvəlki beş komediyanın tatar (Azərbaycan – H.M.) dilində tərcüməsi ilə birlikdə 1500 nüsxəyə qədər çap edilsin, ölkə daxilində rəislərə döndərilsin, könüllü şəkildə alınması varlı müsəlman bəyləri, tacirləri və bütün millətlərdən olan məmurlara təklif olunsun... Mən özüm əsərlərimi tərifləyib öyünə bilmərəm, lakin müsəlmanlar arasında birinci olaraq yalnız avropalılara məlum olan əsərlərlə tanış olduğum və həmvətənlərimi onlarla tanış etdiyim üçün fəxr etməyə cəsarət edə bilərəm. Mənim komediyalarım müsəlmanlar arasında yayılarsa, onların əxlaqının yaxşılaşmasına səbəb olar, məni belə bir ədəbi növə sövq edən yüksək məqamlı hamilərimin şöhrət və xeyirxahlığını əbədiləşdirə bilər. Kapitan Mirzə Fətəli Axundzadə * * * İslam yazısı haqqında Mirzə Fətəli Axundzadənin apardığı araşdırmanın nəticələri İslam yazısı haqqında, etimada layiq fəzilət sahiblərinin yazmış olduqları bir çox kitablar əsasında mayor Mirzə Fətəli Axundzadənin apardığı araşdırmanın nəticələri 1274 (1858)-cü il Ərəblər arasında yazının meydana gəlməsinin başlanğıc dövrü tamamilə aydın deyildir. Lakin bəzi tədqiqatçıların əsərlərindən anlaşılır ki, himyərilər arasında “məsnəd” adı ilə məruf olan bir xətt olmuşdur ki, həzrət Əyyubun müqəddəs kitabı da həmin xətlə yazılmışdır. İbn-Xəldun ləqəbi ilə şöhrət tapmış cənab Əbdürrəhman, yazının Ərəbistanda necə meydana gəlməsini aydın şəkildə izah edərək yazır: “Himyər qəbiləsində “məsnəd” adlanan və hərfləri bitişməz olan bir yazı olmuşdur ki, himyərilər özlərinin icazəsi olmadan başqalarının bu yazını öyrənməsinə mane olurdular”. Bu sözlərdən məlum olur ki, ərəbcə yazı əvvəllər Himyər qəbiləsində meydana gəlib, onlardan Hiyrəyə və Hiyrədən də Tayif və Qureyş qəbilələrinə keçmişdir. Himyər qəbiləsində yazı-pozu olduğunu sübut edən dəlillərdən biri də “Qamus” müəllifi Məhəmməd ibn-Yəqub Firuzabadinin rəvayətidir. “Şüfr” kəlməsinin izahında verilmiş bu rəvayətin məzmunundan aydın olur ki, hələ Yəqub oğlu Həzrət Yusifin zamanında belə, yazı yazmaq sənəti himyərilər arasında yayılmışdı. “Qamus” müəllifinin verdiyi rəvayətin məzmunu belədir: “İbn-Hüşşan deyir ki, sel Yəməndə bir qəbrin üstünü açır. Orada bir qadın meyiti görünür ki, boynunda yeddi şəddə mirvari boyunbağı, biləklərinin hər birində yeddi qolbaq, ayaqlarında yeddi-yeddi xalxal, barmaqlarının hər birində qiymətli (səkkiz bucaqlı) cavahirdən bir üzük var idi. Onun başı üstündə mal-dövlətlə dolu bir sandıq və oradaca bir lövhə də var idi ki, onun üzərində yazılmışdı: “Sənin adınla, ey himyər Allahı! Mən Zişüfrün qızı Taçəyəm. Azuqə üçün Yusifin yanına adam göndərdim. O yubandırdı. Kənizimi pulla göndərdim ki, un gətirsin, tapılmadı, qızıl göndərdim, yenə də tapılmadı, dəniz qiymətlilərindən göndərdim, yenə də tapılmadı. Yarpaqları döyməyi əmr etdim. Ancaq fayda vermədi. Mən acından öldüm. Mənim barəmdə eşidənlər mənə rəhmət oxusunlar. Mənim bəzək şeylərimdən geyinən hər bir qadın isə ancaq mənim kimi ölsün”. Cənab Əllameyi-Sənani “Məcməül-bəhreyn” və Həmzə ibn-Həsən əl-İsfahaninin dilindən rəvayət edir ki, ərəblər Ədnan zamanında və ondan bir qədər sonra yazıb-oxumaq sənəti ilə məşğul olmuşlar. Rəvayət bundan ibarətdir: “Əbu-Əbdüllah Həmzə ibn-Həsən əl-İsfahani deyirdi: “Ərəb yazısının ilk baniləri Ədnan ibn-Davudun yaşadığı yerlərə köçmüş ən qədim qəbilələrdir. Onlar ərəbləşmiş və bu yazını öz adlarının hərflərinin sayı əsasında tərtib etmişlər. Adların sayı isə altı olmuşdur: Əbcəd, Həvvəz, Hütti, Kələmən, Səfəs, Qərəşət. Onlar Midyən başçılarından olmuşlar ki, rəisləri Kələmən idi və tufan günündə Şüeyb qövmü ilə birlikdə həlak olmuşlar. Onlardan sonra gələnlər gördülər ki, onların adlarında təsadüf edilməyən daha altı hərf vardır ki, bunlardır: Sa, Xa, Zal, Zad, Za, Eyn. Onları rədiflər adlandırdılar. Son zamanlarda yaşamış alimlərdən bəziləri belə güman etmişlər ki, əbcəd kəlmələrini icad edən Müramir ibn-Mürrədir ki, Qərəşətə qədər Siryani və İbrani hecalanma hərflərinin tərtibi ilə düzəldib, axırıncı iki kəlməni isə ərəb heca hərflərini təkmilləşdirmək üçün artırmışdır və belə də ehtimal olunur ki, bu kəlmələrin sayının səkkiz olmasının səbəbi odur ki, Müramirin səkkiz oğlu var idi və Əbcəd kəlmələrindən hər birisi bu oğlanlardan birinin adı idi. Lakin kufi xəttinin ixtiraçısı və tərtibedicisi, bütün tarixçilərin təsdiq etdiyinə görə, Müramir ibn-Mürrə olmuşdur. Əllameyi-Sənani də bu sözü təsdiq edir. O deyir: “Bizim yazımızın ilk icad edənləri böyük Tey qəsəbəsindən bir neçə kişi olmuşdur ki, Müramir ibn-Mürrə onlardan idi. Şairin sözləri də bu iddianı qüvvətləndirir: “Əbcədləri Müramirin övladından öyrəndim, katib olmadığım halda paltarımı qaraltdım. Müramirin övladının hər birisi Əbcəd kəlmələrinin biri ilə adlanırdı”. Sühah Əlcövhərinin mütərcimi Məhəmməd ibn-Müstəfa əl-Vali də bu sözləri təsdiq edib, Müramir – birinci mimin zəmmə, (ü) ikinci mimin kəsrə (i) ilə oxunması şərti ilə bir kişinin adıdır. Şərqi ibn-əl-Qütami demişdir: “Bizim xəttimizi icad edən Tey qəbiləsindən olan bir neçə şəxsdir ki, Müramir ibn-Mürrə onlardan biridir. Onun səkkiz oğlu var idi və Əbcəd kəlmələrinin hər birisi ilə bir oğlunu adlandırmışdı. Əbcəd isə əvvəldən axıra qədər səkkiz kəlmədən ibarətdir. Fazil Kəlbinin dediyinə görə, “bir neçə şəxs” dedikdə, birinci – Əsləm ibn-Şədrə, ikinci – Amir ibn-Həzərədir ki, Müramirlə birlikdə üç nəfər olurlar. Onlar Tey qəbiləsindən idilər. Onların birincisi Müramir hərflərin şəklini düzəltdi. Onların ikincisi olan Əsləm hərflərin fasilə və bitişikliyini təyin etdi. Üçüncüsü olan Amir bəzi hərflər üçün nöqtələr tərtib etdi. Hərflərin şəkli yazının əsas şərti olduğundan və Müramir hərflərin quruluşunun yaradıcısı olduğuna görə digər iki şəxsdən daha ziyada şöhrət qazanmışdır. Kufi xətti ilə siryani xətti arasında bir neçə cəhətdən böyük oxşarlıq vardır. Birinci budur ki, kufi xətti və habelə siryani xətti yazılarkən hərflər bir-birinə bitişirlər. İkinci budur ki, bu xətlərin hər ikisində hərflər bitişərkən onların, sonundan bir hissəsi kəsilir. Üçüncü budur ki, a, d, z, r, z, v kimi bir neçə hərf həm kufi, həm də siryani xəttində yazılarkən özündən sonra gələn hərflərlə bitişmirlər. Xülasə, bu iki xəttin bir-birinə oxşaması kufi xətti ilə yeni nəsx xətti arasındakı oxşarlıqdan az deyildir. “Qərəşət” sözünə qədər əbcəd kəlmələri sistemi siryani və ibrani dillərində də vardır. Onların dillərindəki hərflərin xüsusiyyəti və ərəb dilindəki hərflərin miqdarı nəzərə alınaraq səxiz və zəziğ kəlmələri ərəbcəyə artırılmışdır. Kufi xətti meydana gəldikdən sonra Qureyş əhli və başqa qəbilələr bundan istifadə etdilər. Bu xətt gündən-günə dəyişilməkdə idi. Nəhayət, hicri tarixin dördüncü əsrinin əvvəllərində Əbu-Əli Məhəmməd ibn-Əli ibn-Həsən ibn-Muqlə nəsx xəttini kufi xəttin əsasında düzəltdi və kufi xətti tamamilə dəyişdirib, yeni xətti isə “nəsx” adlandırdı. Çünki bu xətt kufi xətti nəsx edən (yəni ləğv edən) bir xətt idi. Ondan sonra İbn-əl-Bəvvab ləqəbi ilə məşhur olan Əli ibn- Hilal bu xəttə seyqəl verib təkmilləşdirdi. İbn-Xəlləkan adı ilə tanınmış misilsiz alim Qazi Şəmsəddin Əhməd ibn-Məhəmməd, Əbubəkr ibn- Bəvvab haqqında belə nəql edir: “Nə ondan qabaq yaşayanlar və nə də müasirlərindən heç biri bu yazının mislini görməmişdir. Bu yazını kufi xəttindən yeni bir üsula köçürən və onu hazırkı şəkildə meydana çıxaran birinci adam Əbu-Əli ibn-Muqlə olmuşdur. Buna görə də birincilik fəziləti ona məxsusdur. Düzəltdiyi xətt isə son dərəcə gözəl xətdir. Lakin ibn-Bəvvab bu üsulu təkmilləşdirmişdir. İbn-Bəvvab nəsx xəttinə tam rövnəq verib, Bağdadda şöhrət bayrağını yüksəltdi”. İzah olunan bu fəsildən aydın olur ki, kufi xətti hələ islamiyyətdən əvvəl ərəblər arasında, xüsusilə Qureyş qəbiləsində məşhur olaraq işlənilirdi. Və Allah kəlamı olan Quran da nazil olduqca haman xətt ilə qeydə alınırdı. Beləliklə, kufi xətti Allah tərəfindən göndərilmiş bir xətt deyildi və Allah kəlamı olan Quranın bu xətt ilə yazılması da istər şəriət və istərsə də hüquq nöqteyi-nəzərindən həmin xəttə elə bir şərəf qazandırmamışdır ki, onun dəyişdirilməsinə mane ola bilsin. İbn-Muqlə onu tamamilə dəyişdirib, nəsx xəttini yaratdı. Madam ki, belədir, əgər biz xalqın mənafeyini nəzərə alaraq, İbn-Muqlənin indi bütün müsəlman xalqları arasında işlənməkdə olan nəsx xəttini dəyişdirib, daha asan bir yazı üsulu yaratsaq, şəriətcə və hüquq cəhətdən buna nə söz-söhbət ola bilər? Mayor Mirzə Fətəli Axundzadə * * * Aleksandr Pavloviç Nikolaiyə Ştabs-kapitan Mirzə Fətəli Axundzadənin yazılı məruzəsi 4.V-1853-cü il, Tiflis Qafqaz təhsil dairəsinin hamisi, Qaf- qaz ölkəsi baş idarəsi Sovetinin üzvü, Cənab həqiqi statski sovetnik, həzrət- əşrəf kamerger və kavaler baron Aleksandr Pavloviç Nikolaiyə Tatar (azərbaycanlı – red.) tayfalarının sayca burada yaşayan başqa tayfalardan çox olduğu Zaqafqaziya ölkəsi, bu yerlər Rusiyaya ilhaq edilənə qədər, ya İran şahları, ya da Türkiyə sultanlarının hakimiyyəti altında idi. İran şahları hakim olduqları zamanlarda buradakı tatarların yazı işləri fars dilində, türklər hakim olduqları zamanlarda isə Zaqafqaziyada yaşayan tatarların dilindən, kökündən fərqli olan türk dilində aparılırdı. Bunun nəticəsində də tatarlar indiyə qədər xalis tatar (Azərbaycan – H.M.) dilində ədəbiyyatdan məhrumdurlar və bu dildə oxumaq üçün orijinal əsərlərə təsadüf edilmir; əgər tatar dilində bəzi əsərlər varsa da, onlar ya başqa dillərdən tərcümə edilmiş, ya da fars, türk və ərəb sözləri ilə dolu anlaşılmaz bir dildə yazılmışlar. Beləliklə də bu əsərlər, daha doğrusu, bu tərcümələr əsasında tatar dilinin ruhunu anlamaq və bu dilin xalqın işlətdiyi vəziyyətində öyrənilməsi mümkün olmadığı kimi, həmin əsərlərə əsaslanaraq, bu dilin qrammatik qayda və qanunlarını, hətta belə bir qayda-qanunu öyrənmək üçün göstərici ədəbiyyat tərtib etmək də mümkün deyildir. Əlbəttə, mənim bu sözlərim dövlət başçılarının məlumatlı adamlar vasitəsilə tatar dilini öyrənmək üçün tərtib etdikləri və tərtib etməkdə olduqları göstəricilərə aid deyildir. Bu ölkəni abadlaşdırmağa və ondakı əhalinin milliyyətini saxlamağa meyl göstərən xeyirxah hökumətimiz bir çox tədbirlərlə yanaşı, tatar dilində ədəbiyyatın yaradılmasına diqqət vermişdir. Buna görə də birinci dəfə general Yermolov bu ölkənin hakimi olduğu zaman, tatarlar yaşayan yerlərə göndərdiyi əmrlərlə, əhalinin farsca yazmasını qadağan edərək, öz yazı işlərini ancaq tatarca aparmalarını məsləhət görmüşdür. Bundan sonra hər yerdə, müxtəlif qaydalarda olsa da, yazı işləri tatar dilində aparılmağa başladı. Daha sonra hər yerdə qəza məktəbləri açıldığı zaman, hökumət başqa fənlərlə bərabər, həmin məktəblərdə tatar dilinin öyrənilməsini də lazım bildi. Lakin bu dildə dərs kitabları olmadığına görə böyük çətinliklər meydana çıxdı. Mənə məlum olduğuna görə, bu çətinliklər hələ də aradan qaldırılmamış və bu dil hələ indiyə qədər, demək olar ki, ancaq təcrübi qayda ilə öyrənilir. Tiflisdə teatr təsis olunduğu zaman bir çox adamlarda ədəbiyyata, xüsusilə dram sənətinə böyük həvəs oyanmışdı. O zaman məndə tatar dilində komediyalar yazmaq fikri oyandı. Mən yazdığım əsərləri həm tatar ləhcəsində, həm də özümün tərcümə etdiyim rus dilində onun mübarək, şöhrətli adına ithaf etdim. Hal-hazırda mən onları nəşr etməyə hazırlaşıram və birinci olaraq Sizin zati-alilərinizə müraciətlə Sizə tabe olan təhsil dairəsində bu əsərlər əsasında dərs keçilməsinin faydalı iş olduğunu təsdiq etmənizi xahiş edirəm. Əgər siz bu işi faydalı hesab etsəniz, öz adamlarınızdan birinə həmin əsərləri çap etməyə dair mənimlə əlaqəyə girməyi və litoqrafiya vasitəsilə onlardan neçə nüsxə çap etməyin lazım gəldiyini və hər bir nüsxənin qiymətini təyin etməyi, habelə bu pyesləri çap etdirmək üçün mənə lazım olan müəyyən bir məbləği borc olaraq verməyi tapşırmağınızı acizanə xahiş edirəm. Pyeslərin sayı beşdir və onlar bunlardır: “Hekayəti-Molla İbrahimxəlil kimyagər”, “Hekayəti-Müsyö Jordan həkimi-nəbatat”, “Hekayətixırsi quldurbasan”, “Sərgüzəşti-vəziri-xani-Sərabi” və “Sərgüzəştimərdi-xəsis”. Əsərlərin məzmunu rusca tərcüməsindən məlumdur. Ancaq mən bunu əlavə edirəm ki, tatar dilini öyrənmək arzusunda olan şagirdlər üçün tatar dilində yeganə orijinal əsərlər sayılan bu pyeslər çox faydalı vəsaitdir. Yalnız onların vasitəsilə tatar dilinin ruhunu, xüsusiyyətini, cümlələrin, ifadələrin quruluşunu, fellərin və sözlərin müxtəlif hallara düşməsini və sairəni öyrənmək olar. Orfoqrafiya məsələlərinə gəlincə, hələlik bu sahədə sabit bir qayda-qanun olmadığına görə mən indiyə qədər öz həmyerlilərimin yazı işlərində tətbiq etdikləri və tatarların tələffüzü ilə daban-dabana zidd olan və əslində fars və türk dilləri orfoqrafiyası prinsipində qurulan mövcud qaydalardan kənara çıxaraq, tatarların öz tələffüzlərində işlətdikləri əlamətləri, vurğuları və sairəni əsas qəbul etmişəm. Ştabs-kapitan Mirzə Fətəli Axundzadə * * * Mirzə Fətəli Axundzadənin yazılı məruzəsi 12 noyabr 1857-ci il, Tiflis Mənim bu il 23 sentyabrda verdiyim yazılı məruzədən sizin zatialilərinizə məlumdur ki, bir çox səbəblərə görə mən müsəlman əlifbasını dəyişmək qərarına gəlib, yeni bir əlifba tərtib edərək, İran hökumətinə göndərmək üçün rəislərimin hüzuruna təqdim etmişəm. Artıq bu əlifba İrana göndərilmək üçün İran konsuluna verilmişdir. Eyni zamanda mən hər gün bu təşəbbüsüm barədə Tiflisdə savadlı adamlar və ruhanilər tərəfindən təqdiredici məktublar aldığımdan daha da ruhlanaraq, öz ideyamın düzgün olması haqqında daha möhkəm qənaətə gəlmişəm. Ona görə də özümün yeni əlifba layihəmdən başqa bir nüsxəni, onun haqqında məruzə ilə bərabər həzrəti-əşrəfinizə təqdim edib, acizanə xahiş edirəm ki, Qafqaz canişini zati-alilərinin icazəsi ilə onu müzakirə etmək üçün Türkiyə divanına vermək məqsədi ilə Rusiyanın Konstantinopoldakı səlahiyyətli nazirinə göndərin. Əgər Türkiyə hökuməti mənim əlifbamdan istifadə etmək barədə razılıq verərsə, xahiş edirəm ki, İran hökumətindən rica etdiyim mükafatı mənə və ya mənim varislərimə versinlər. Yəni mənim əlifbam 15 il müddətində hər bir mətbəədə çap edildiyi təqdirdə ondan gələn gəlirin beşdə bir hissəsi mənə çatsın. Əlbəttə, həzrəti-əşrəfiniz düşündüyü kimi, bu əlifbanı rəsmi sənədlərlə təqdim etmək məqsədəuyğun deyildir. Ona görə də yaxşı olar ki, onu rəsmi sənəd olmadan, xüsusi məktub kimi təqdim edəsiniz. Bununla bərabər, mənə çatacaq mükafatın verilməsi barədə Türkiyə Divanına yazmış olduğum ərizənin tərcüməsini də təqdim edib xahiş edirəm ki, Rusiyanın səlahiyyətli nazirliyinə göstəriş verəsiniz ki, göndərilən kitabça təqdim edildikdə mənim ərizəm də ona əlavə edilsin. Kapitan Mirzə Fətəli Axundzadə * * * Konstantin Fyodoroviç Lelliyə Canişin dəftərxanasının diplomatik idarəsi rəisi zati-aliləri – Kavaler Konstantin Fyodoroviç Lelliyə Babi-Alinin yüksək divanına kapitan Mirzə Fətəli Axundzadədən Ərizə Hazırda müsəlman dillərinin yazısını sadələşdirmək üçün yeni əlifba tərtib edərək, onu yüksək Divanın mütaliəsinə təqdim etmək şərəfinə nail olub, acizanə xahiş edirəm ki, bu layihə qəbul olunduğu təqdirdə, mətbəə sahiblərinə əmr edəsiniz ki, 15 il müddətində bu yeni əlifbanın çapından əldə edilən gəlirin beşdə bir hissəsini mənə və ya mənim varislərimə vermək üçün ayıraraq, həmin məbləği Tiflisdə mənə çatdırmaq üçün yüksək Rusiya dövlətinin nazirliyinə və ya konsulluğuna təqdim etsinlər. 12 noyabr 1857-ci il * * * Əsgərxan bəyə Əzizim Əsgərxan bəy! Mən burada təbrizlilər arasında elə bir adam axtarırdım ki, Təbrizə qayıtdıqdan sonra yeni əlifbanı sizə öyrətmək üçün ona öyrədim. Bu axtarış nəticəsində axund Molla Əliməhəmməd rövzəxandan başqa adam tapa bilmədim. Əlifbanı ona öyrətdim ki, Təbrizə yetişən kimi bu xüsusda sizinlə danışıb bəzi şeyləri sizə göstərsin. Eyni zamanda mən sizin fitri bacarığınıza bələd olduğumdan əminəm ki, onun köməyi olmadan belə, [sizə göndərdiyim] kitabçanın üzündən bu yeni əlifbanı öyrənə biləcəksiniz. Məhz buna görə də adı yuxarıda çəkilən axundun çox bədbəxt olmasına baxmayaraq, yeni əlifba kitabçasını onun əlilə köçürtdürüb həmin məktubla sizə göndərirəm. Xahiş edirəm ki, bu nüsxəni aldıqdan sonra onu üzköçürən xoşnəvislərdən birinin vasitəsilə çox gözəl yazdırıb özünüzdə saxlayasınız. Bundan sonra sizə göndərdiyim nüsxəni axund Molla Əliməhəmmədə verərsiniz. Sizə yazdığım təlimat əsasında yeni əlifbanı öyrətməyə və onu Təbriz camaatı içərisində yaymağa çalışın! İşin gedişi haqqında yeni əlifba ilə hesabat yazaraq, kəlağayıçı Hacı Rəsula təqdim edin! O, sizin məktublarınızı qardaşı Ağa Həsən tacirin məktubları ilə bərabər göndərər və bu məktublar mənə çatar. Mən bu məsələ haqqında sizin çalışmanıza ümid bəsləyirəm. Əmin ola bilərsiniz ki, öz işinizlə məni son dərəcə razı salıb, xoşhal edəcəksiniz. Bununla bərabər, yeni əlifbanın iki qitədən ibarət olan surətini və habelə Tehran əmirlərindən birinə göndərdiyim məktubun surətini sizə göndərirəm. Sizin öhdənizə böyük bir iş qoyuram. Əgər islam padşahları öz xalqlarının xeyrini nəzərdə tutaraq, yeni əlifbanın həyata keçirilməsi uğrunda tədbir görərlərsə, bu böyük işin Azərbaycanda ilk banisi siz olacaqsınız və misilsiz şöhrət qazanacaqsınız. Bu yoldan böyük mənfəətlər əlinizə çatacaqdır. Çünki, köhnə əlifba ilə olan kitabları yavaş-yavaş yeni əlifbaya köçürdüb çap etdirmək üçün mətbəələrə verəcəksiniz. Eyni zamanda siz bilməlisiniz ki, hazırda hərdənbir üzlərini ərəb əlifbası ilə köçürdüyünüz kitablara nisbətən yeni əlifba ilə üzünü köçürdüyünüz kitablara daha az zəhmət sərf edəcəksiniz. Əgər bu böyük iş baş tutarsa, inşallah, yeni əlifbanı öyrətmək və bəzi başqa məsələlər üçün siz mənim hesabıma darül-xilafeyi-Tehrana gedəcəksiniz. Əlbəttə, bu cür səfər çox yaxşı nəticələr verməyə bilməz. Bu elə bir işdir ki, onun üçün zirək və bacarıqlı adam lazımdır. Bu cəhətdən sizdən yaxşı adam tapılmaz. Siz bu işi heç də asan iş saymayın. Əgər bir qədər diqqət etsəniz, işin nə qədər faydalı bir iş olduğu sizə məlum olar. Bəzi adamların bu barədə rəddedici fikirlərinə qulaq asmayın və əlinizi işdən soyutmayın! Hər işin əvvəli insana çətin gəlir. Əgər bütün xalq kütlələri bu əlifbanın köməyi ilə yaxın gələcəkdə savadlılar sırasına daxil olacaqlarını bilərlərsə, bizim fikrimizi rədd edənlərə onlar özləri cavab verərlər. Bu işdə möhkəm iradəli, əzmli və cəsarətli olmağınızı xahiş edirəm. Kitabçanı, təlimatı və habelə Tehrana göndərdiyim məktubun surətini münasib gördüyünüz yerlərdə mərifət sahiblərinə oxuyun və hər bir kəsi bu mətləbdən agah edin. Mənim əvəzimdən Göhər Sultanın üzündən öpün. 1274-cü il hicri, məhərrəm ayının sonunda (22 sentyabr 1857-ci il), Tiflisdə kapitan Mirzə Fətəli tərə- findən yazıldı. * * * Aleksey Fyodoroviç Kruzenşternə Qafqaz canişini dəftərxanasının direktoru, həqiqi mülki müşavir və Kavaler, həzrət-əşrəf Aleksey Fyodoroviç Kruzenştern cənablarına Kapitan Mirzə Fətəli Axundzadənin yazılı məruzəsi 23 sentyabr 1857-ci il, Tiflis Müsəlman əlifbasının yarıtmazlığı bir çox şərqşünaslara məlumdur. Demək olar ki, o, təxminən heroqliflərlə oxunur. Ona görə ki, birinci, sözlərdəki bütün səsləri tamamilə ifadə etmək üçün lazım olan bir neçə hərf bütünlüklə bu əlifbada yoxdur. İkincisi, sait hərflərin çox hissəsi, onların köməyi ilə ifadə olunan samit hərflərin yanında yazılmır və onları oxucunun özü ehtimal ilə təyin etməli olur. Bu hərfləri təyin etməyə qadir olmaq üçün, təkmilləşincəyə qədər oxucu illərlə vaxt itirir və öz qiymətli vaxtını boş işlər üçün sərf etməli olur. Üçüncüsü, bir çox hərflərin şəkilləri eynidir. Onlar bir-birindən ancaq nöqtələr vasitəsilə fərqlənir, lakin çox zaman katiblər bu nöqtələri yazmır və onları təyin edib, hərfləri istədiyi kimi oxumağı oxucunun öhdəsinə buraxırlar. Yazının belə bir vəziyyətdə olmasının xoşagəlməz nəticəsidir ki, müsəlmanlar yaşayan yerlərdə on min nəfər içərisində ancaq bir nəfər savadlıya təsadüf etmək olur. Bu isə onların oxumaq meylinin yoxluğu nəticəsi deyil, bəlkə də oxumağın imkan xaricində olmasının nəticəsidir. Oxumaq vasitələrinin çətinliyi nəticəsində təhsilə başlayanların bir çoxu oxumağı buraxır və bilir ki, bu çətinlik ancaq uzun illər boyu təhsili davam etdirmək və bu yazıya adət etmək üçün çoxlu vəsait sərf etmək nəticəsində aradan qaldırıla bilər. Müsəlman xalqları içərisində elə bir uşaq tapılmaz ki, müsəlman əlifbasına nifrət bəsləməmiş olsun. Çünki bu əlifbanı öyrənmək, ona birinci günlərdə riyaziyyatı öyrənmək qədər çətin gəlir. Xaricilərə gəlincə, cəsarətlə sizi inandıra bilərəm ki, onlardan biri də indiyə qədər müsəlman yazısını öyrənmək işində yüksək səviyyəyə çatmamışdır. Onlar bu əlifbanı ancaq səthi və qismən öyrənirlər. Bunların hamısına müqəssir ancaq əlifbadır. Müsəlmanların yazısındakı belə bir qeyri-təbii vəziyyət, tez ya gec aradan qaldırılmalı idi. Müsəlmanların ədəbiyyatını ağır vəziyyətdə saxlayan əlifbanın həmişəlik bir maneə kimi yaşamasına imkan vermək olmazdı. Hətta 500 il bundan sonra olsa belə, bu əlifbada mütləq bir dəyişiklik əmələ gətirmək lazımdır. Ancaq mən belə bir dəyişikliyi tezliklə icra etmək qərarına gəldim; bütün nöqtələri atdım, indiyə qədər yazılmayan sait hərfləri əlifbaya daxil etdim, onların hər birisi üçün gözəl şəkillər ixtira etdim. Əlifbanı çatışmayan hərflərlə tamamladım, hərflərin hər birisi üçün nöqtələrin köməyi olmadan xüsusi bir şəkil tapdım, danışıq və ifadəni aydınlaşdırmaq üçün bir neçə lazımi durğu işarəsi yaradaraq, düzgün yazmaq və yazını asan üsul ilə öyrətmək üçün qaydalar göstərdim və bu yol ilə də ərəb, fars və türk dilləri üçün yeni bir əlifba tərtib etdim ki, öz xüsusiyyəti etibarilə köhnə əlifbaya əsla biganə deyil və tamamilə məqsədəuyğundur. Yeni əlifba o qədər mükəmməldir ki, indiyə qədər öyrənilməsi illər tələb edən müsəlman yazısını bu əlifbanın köməyi ilə bir ayda öyrənmək olar. Deməli, mən cəsarətli bir addım atmışam. Lakin bilmirəm, müsəlman ölkələrində mənim əlifbamı istifadə üçün qəbul edəcəklərmi? Onlar istəyərlərmi ki, nəticədə indiyə qədər mövcud olan milyonlarla kitabın lüzumsuzluğuna səbəb olan müsəlman əlifbasında belə bir çevrilişə yol versinlər? Hər halda işin müvəffəqiyyəti və nəticəsi haqqında fikirləşməyərək, mən təcrübə üçün öz əlifbamı həzrət-əşrəfinizə təqdim edib, acizanə xahiş edirəm ki, həzrət-əşrəf Qafqaz canişininin hüzuruna çatdırıb, xahiş edəsiniz ki, o, bu əlifbanı buradakı İran baş konsuluna təqdim edib, onu belə bir dəvətlə öz hökumətinə göndərib soruşsun ki, onlar bu əlifbanı həyata tətbiq etmək istəyərlərmi? Əgər İran hökumətinin belə bir çevrilişə gücü və cəsarəti çatmazsa, əlifbanı geri qaytara bilər. O zaman mən onu həmin yolla Türkiyə hökumətinə göndərərəm ki, fikrimcə, bu hökumət hazırda, belə bir dəyişikliyə meyl edə bilər. * * * Apolinari Petroviç Butenova Əlahəzrət Sultanın dərbarında xüsusi tapşırıqların İcraçısı, Konstantinopolda Rusiya Nümayəndəliyinin müdiri, həqiqi gizli müşavir və Kavaler Apolinari Petroviç Butenov zati-alilərinin yüksək hüzuruna Qafqaz Canişinliyi dəftərxanasının mütərcimi kapitan Mirzə Fətəli Axund- zadədən Ərizə Müsəlman əlifbasının natamamlığı bir çox şərqşünaslara məlumdur. Demək olar ki, müsəlman yazıları tamamilə heroqliflərlə oxunur. Buna görə də dildəki bir çox səslər əlifbada xüsusi hərflərlə qeyd olunmur. İkincisi, sait hərflərin çoxu onların köməyi ilə ifadə olunan samit hərflərlə bir sırada yazılmır. Buna görə də oxucu sait hərfləri özü ehtimal yolu ilə təyin etməlidir. Oxucu bu sait hərflərin təyinində düzgün ehtimala gəlməyi öyrənincəyə qədər illərlə çalışmalı və öz qiymətli vaxtını boş işlərə sərf etməlidir. Üçüncüsü, bir çox hərflərin şəkli yazıda eynidir. Onlar biri digərindən ancaq nöqtələrlə fərqlənirlər. Çox zaman isə katiblər bu nöqtələri qoymağı unudaraq, hərfləri bir-birindən fərqləndirməyi oxucunun öz öhdəsinə buraxırlar. Əlifbanın bu vəziyyətdə olması nəticəsində belə bir xoşagəlməz şərait yaranmışdır ki, müsəlman xalqları içərisində on minlərlə nəfərdən ancaq bir nəfər savadlıya təsadüf etmək olar. Əlbəttə, bu, onların savad öyrənmək işindəki tənbəlliyindən deyil, savadlanmağın imkan xaricində olmasından irəli gəlmişdir. Bir çox hallarda təhsil almağa başlayan adamların əksəriyyəti bu işin çətinliyini başa düşərək, oxumağı tərk edirlər. Çünki bu çətinlik ancaq uzun illər boyu təhsili davam etdirmək və bu yazıya adət etmək üçün çoxlu vəsait sərf etmək nəticəsində aradan qaldırıla bilər. Müsəlman xalqları içərisində elə bir uşaq tapılmaz ki, müsəlman əliybasına nifrət bəsləməmiş olsun. Çünki bu əlifbanı öyrənmək ona birinci günlərdə riyaziyyat məsələlərini öyrənmək qədər çətin gəlir. Xaricilərə gəlincə, cəsarətlə deyə bilərəm ki, onlardan bir nəfəri də indiyə qədər müsəlman yazısını mükəmiməl öyrənə bilməmişdir. Onlar bu yazhını qismən və səthi öyrənirlər. Bütün bunlara səbəb əlifbanın yarıtmazlığıdır. Müsəlmanların yazısındakı belə bir qeyri-təbii vəziyyətə gec-tez son qoyulmalıdır. Müsəlmanların ədəbityyatını ağır vəziyyətdə saxlayan əlifbanın həmişəlik bir maneə kimi yaşamasına imkan vermək olmazdı. Hətta 500 il bundan sonra belə olsa, bu əlifbada mütləq bir dəyişiklik əmələ gətirmək lazım idi. Ancaq mən belə bir dəyişikliyi tezliklə icra etmək qərarına gəldim. Ona görə də mən bu əlifbadan bütün nöqtələri atdım. Saitlərin hər birinə gözəl şəkillər düşünüb onları samitlərin cərgəsinə saldım. Əlfibanı çatışmayan hərflərlə tamamladım. Hər bir hərf üçün nöqtələrin yardımına ehtiyac hiss etmədən xüsusi şəkil tapdım. Bir neçə lazımlı vurğu işarələri düşündüm. Əlifbanı asan öyrənmək üçün xüsusi orfoqrafiya və yazı üsullarını göstərdim və beləliklə də, fars və türk dilləri üçün tamamilə məqsədəuyğun, lakin hələ öz xüsusiyyəti ilə köhnə əlifbaya yabançı olmayan yeni bir əlifba düzəltdim. Yeni əlifba o qədər mükəmməldir ki, indiyə qədər öyrənilməsi illərlə vaxt tələb edən müsəlman yazısını bu əlifbanın köməyi ilə bir ayda öyrənmək olar. Deməli, mən çox cəsarətli bir addım atmışam. Lakin bilmirəm, müsəlman xalqlarının ədəbiyyatında belə bir dönüşə razı olacaqlarmı? Çünki razı olsalar, indiyə qədər mövcud olan milyonlarla kitab gələcəkdə tamamilə gərəksiz qalacaqdır. Hər halda mən bu işin müvəffəqiyyətlə başa çatıb-çatmayacağını düşünmədən, həmin ilin noyabr ayında həmin əlifbanı Türkiyə Divanında müzakirəyə vermək üçün həzrət-əşrəf knyaz Canişinin icazəsi ilə sizin yüksək cənabınıza göndərməyi Qafqaz canişininin diplomatik dəftərxanasından xahiş etdim. Əgər Osmanlı dövləti mənim yeni əlifbamı istifadə etmək üçün qəbul edərsə, mən xahiş edirəm ki, mənim bu ixtiramın müqabilində 15 il müddətində bu əlifba hər dəfə mətbəədə çap edildikdə, ondan əldə edilən gəlirin beşdə bir hissəsini mükafat olaraq mənə və ya mənim varislərimə versinlər. Hal-hazırda mən sizin zati-alilərinizin iltifatına ümid edirəm. Eyni zamanda mənim bu təşəbbüsümün nəticəsini öyrənməyi və lütfən Qafqaz canişinliyinin diplomatik dəftərxanası vasitəsilə bu nəticəni mənə bildirməyi sizdən acizanə xahiş etməyi özümə borc bilirəm. Çünki mən belə qərara gəlmişəm ki, təşəbbüsüm müvəffəqiyyətsizliyə uğrasa, bu əlifbanın birər nüsxəsini Avropa dövlətlərinin bütün akademiyalarına göndərib onlara Şərq dillərini sevən insanların hamısı üçün faydalı olan belə bir layihənin rədd edilməsi haqqında səmimi təəssüflərimi bildirim. Kapitan Mirzə Fətəli Axundzadə 12 noyabr 1857 ci il, Tiflis * * * Hüseyn xan Nizamüddövləyə Xaqanın yaxın adamı və cəlal sahibi olan cənab, səadətiniz əbədi olsun! Tehran şəhərində Hüseyn Nizamüddövləyə yazılmışdır. Mən darül-xilafeyi-Tehranda bir kəsi tanımıram. Sizin cəlal sahibinizlə də üz-üzə gəlib tanış olmamışam. Amma eşitmişəm ki, cənabınız Müqəddəm elindənsiniz. Mən də ata və ana tərəfdən müqəddəməm. Bundan əlavə, sizin qohumunuz cəlal sahibi müqərrəbül-xaqan Mirzə Cəfər xan mənim mərhum əmim axund Hacı Əliəsgərlə tanış və dost idi. Rəhmətlik əmim həmişə əzəmətli xanın tərifini edərdi və o mərhumun əzəmət sahibi olan xandan Şeyx Bəhainin “Xülasətül-hesab” əsərinin bəzi mətləblərini öyrəndiyini bilirdim. Habelə müqərrəbülxaqan Mirzə Cəfər xan şəxsən mənim özümü də tanıyır. Tiflisdə olduğu zaman səfarətxanaya təşrif gətirərkən mənə yadigar olaraq bir “Min bir gecə” kitabı da bağışlamışdır. Yeri cənnətdə olan Məhəmməd şahın tərəfindən mübarək fərman ilə “Şir-Xurşid” nişanı da onun elçiliyi vasitəsilə mənə əta olunmuşdur. Buna görə də hal-hazırda cəlal sahibi olan cənabınıza müraciət edib, gələcəkdə qeyd edəcəyim bir iş barəsində sizin yardımınızı və vasitəçiliyinizi xahiş edərək, tamamilə xatircəm və ümidvar olduğumu bildirirəm ki, cəlal sahibi olan cənabınız ellilik təəssübü ilə mənim tərəfimi saxlayacaq, həmin iş barədə mənim tərəfimdən vəkillik vəzifəsini icra edəcək, mənim haqq sözümü darülxilafeyi-Tehranda nazirlərin və dövlət başçılarının hüzurunda sübuta çatdıracaq və bu nəcib işinizlə məni özünüzə sonsuz dərəcədə minnətdar edəcəksiniz. Bu ilin rəbiüssani ayında şərəf sahibi sərkar Qafqaz canişininin icazəsi ilə dövləti-əliyyeyi-İranın Tiflisdəki baş konsulu müqərrəbülxaqan Mirzə Hüseyn xan, islam yazı qaydalarını dəyişdirmək barədə yazmış olduğum bir kitabçanı dövlət rəhbərləri və millət başçılarının nəzərinə çatdırmaq üçün İranın xarici işlər naziri cənablarına göndərmişdir. İndiyə qədər xarici işlər nazirliyindən hörmətli baş konsula bu xüsusda cavab gəlmədiyindən nigaran qalmışam və buna görə də sizin cəlal sahibi olan cənabınızdan xahiş edirəm. Mən bunun mənasını iki haldan birinə yozuram. Ya onlar bu məsələni başa düşmürlər, ya da ki başa düşürlər, lakin bəzi səbəblərə görə mənim sözlərimi və dəlillərimi qəbul etmək istəmirlər. Hər iki halda cəlal sahibi olan cənabınızın vasitəçiliyinə və köməyinə ehtiyacım vardır ki, siz mənim vəkilim olasınız. İşin nə yerdə olduğunu dövlət rəhbərlərinin qarşısında izah edəsiniz və onları razı salasınız ki, bu yeni əlifbanı müzakirə üçün on-on iki nəfər kamal və mərifət sahibindən ibarət bir məsləhət şurası təyin etsinlər və haman məsləhətçi heyətin qərarı ilə imtahan üçün bu əlifbadan min cild çap edib, göstərilmiş qayda və üsul ilə uşaqlara öyrətməyə başlasınlar və bu məsələni qəzetlər vasitəsilə yazıb hər yerə bildirsinlər. Bundan sonra əgər xalq bu yeni yazı qaydasını canla-başla qəbul etmək istərsə, onu hər yerdə tətbiq etməyə başlasınlar. Əgər dövlət başçıları mənim bu təklifimi qəbul etmək istərkən ona görə ehtiyat edirlər ki, yeni yazı qaydası tətbiq olunduğu təqdirdə bütün İran ölkəsində mövcud olan köhnə kitab sahiblərinə bir kürur və ya iki kürur zərər dəyə bilər və buna görə də onlar şikayət etmək qərarına gələrək, bu təklifi asanlıqla qəbul etməyəcəklər, o zaman dövlətiəliyyeyi-İran üçün bu qorxunu aradan qaldırmaq əlacı tamamilə mümkündür. Əlbəttə, bu xüsusda heç bir şübhə ola bilməz ki, yeni əlifba tətbiq olunduqdan sonra köhnə kitab sahibləri zərərə düşəcəklər. Lakin məsələnin bu cəhəti də aydındır ki, yeni əlifba tətbiq olunduqdan sonra mətbəə sahibləri köhnə kitabları yeni əlifba ilə çap edib satmaqdan kürur-kürur qazanc əldə edəcəkdirlər. Çünki hər bir yeni kitab mətbəədə çapdan çıxan kimi satılacaqdır. Belə olduqda, mətbəə sahiblərinin öhdəsinə belə bir vəzifə də qoymaq olar ki, iyirmi il müddəti ərzində hər hansı bir kitabı çap edib satışa buraxdıqda, haman yeni kitabın yarı qiymətinə köhnə kitab sahiblərindən eyni kitabın əski əlifba ilə olan nüsxələrini satın alsınlar və dərhal əski əlifbada olan haman kitablara elə bir əlamət vursunlar ki, bu nüsxələr bir daha hiylə yolu ilə başqa mətbəələrə təqdim olunub satıla bilməsin. Bu yol ilə sabiq kitab sahiblərinin zərərinin yarısı ödənilmiş olar. Bu yardım isə onlar üçün kifayətdir. Əgər mətbəə sahibləri bu şərti qəbul etməyə razı olmazlarsa, dövləti-əliyyeyi-İran həmin şərti icra etmək əsasında iyirmi il müddətində kitab ticarətini öz əlində saxlaya bilər. Məlumunuz olsun ki, həmin yeni əlifbadan bir cild Osmanlı dövləti başçılarına və beş cild isə Avropanın beş mühüm dövlətinə göndərilmişdir. Müsəlman xalqlarının külli mənafeyini təmin edə bilən yeni əlifba haqqındakı fikrimi sübut etmək və onu tətbiq etmək üçün özüm də Qafqaz vilayətlərində çalışmaqdayam. Cəlal sahibi olan cənabınızın tanış olması üçün bu məktubla bərabər yeni əlifbanın müqəddiməsini, hərflərin şəkillərini və yeni əlifba ilə yazılmış bir qitəni hüzurunuza göndərirəm. Mənim məqsədim ümumun mənafeyini təmin etməkdir. Yoxsa, Allaha şükürlər olsun ki, mənim yaşayış vəsaitim və həyatımın yaxşılığı başqa yolla da tamamilə təmindir və bu kimi işlərin qazancına ehtiyacım yoxdur. Yeganə arzum budur ki, müsəlman tayfaları da başqa xalqlar kimi savadlanmaq imkanı əldə edib, məişət işlərində məlumat sahibi olsunlar. Allah eləməmiş, əgər bu məqsədə çatmaq üçün gətirdiyim dəlillərdən heç birisi dövlət başçılarının və millət üləmasının təbiətinə təsir etməzsə, cəlal sahibi olan cənabınızdan xahiş edirəm ki, əhvalatı yazıb mənə bildirəsiniz ki, nigarançılıqdan xilas olum. Aramızda məhəbbət və mehribanlıq olan baş konsul müqərrəbül-xaqan Mirzə Hüseyn xana cəlal sahibi olan cənabınızdan məktub gələrsə, o mənə çatdırar. 20 şəvval 1274 (5.VI.1858-ci il) Tif- lisdə şərafətli sərkar Qafqaz canişini xidmətində islam dilləri mütərcimi olan kapitan Mirzə Fətəli Axundzadə tərə- findən yazıldı. * * * Əbdürrəhman ağaya Məcdətli Dusti-mehriban Əbdürrəhman ağa cənabları, iqbalınız daimi olsun! Allah şahiddir ki, sizin səadətmənd olmağınızın xəbəri həmişə məni ilaqeyrənnəhayə məsrur eləyibdir. Xüsusən bu ovqat Hacı molla Məhəmməd əfəndi sizin tərəqqiyatınızı təqrir edib, ziyadə xatirimin fərəhinə bais oldu. Lihaza bu fürsəti qənimət bilib həmvətənliyimizi yad və qədimi dostluğumuzu təcdidinə iqdam edirəm. Keçən sənənin cəmadiyəl-əvvəl ayında, yəni məsihiyyə tarixinin dekabr ayında sənə 1857-də sərkar şərafətmədar canişini-Qafqazın icazəti ilə onun vəziri cənab general Kruzenştern dövləti-behiyyəyi-Rusiyyənin İstanbulda müqim olan vəziri-muxtarı cənab general Butenova mənim əlsineyiislamiyyənin təhsili üçün təlif etdiyim əlifbanı tərsil edibdir ki, övliyayidövləti-Osmaniyyənin mülahizəsinə məruz etsin. Çün o vəqtdən bu zamana qədər əlifbayi-məzkurun xüsusunda heç bir xəbər İstanbuldan mənə vüsul olmayıbdır, ona görə də nigaran qalmışam, bilmirəm ki, aya, mənim əlifbam övliyayi-dövləti-əliyyeyi-Osmaniyyənin mülahizəsinə məruz olunubdur, ya yox? Lihaza, cənabi-məcdətməabınızdan kəmali-etimad ilə təvəqqe edirəm ki, mənim xatirimin şadlığı üçün bu məktubun vüsulunda hümmət edib, hər növlə səlah görsəniz, təcəssüm və təhqiq edəsiniz ki, aya, mənim əlifbam vizarəti-dövləti-behiyyəyi- Rusiyyədən övliyayi-dövləti-əliyyənin mülahizəsinə məruz olunubdurmu və əgər məruz olunubsa, onun ərbabı-mərifət və məşvərətində mülahizə olunmasına ehtimam göstərəsiniz və bu xüsusda xəbəri-sərih və fərəhəngiz yazıb yenə Hacı molla Məhəmməd əfəndinin vəsaiti ilə mənə yazasınız. Mən sizdən həmişə razı və xoşnud olmuşam, bu dəfə dəxi gərək həmvətənliyi və qədimi dostluğu mənzur edib məni özünüzdən xoşhal edəsiniz və sizin ittilaınız üçün əlifba kitabçasının dibaçəsi və əşkali-hüruf və xətti-cədidə yazılan bir qitə bu məktubun zimnində infaz olunur. Əgər padşahani-islam bu xətti-cədidin intişarına ehtimam göstərsələr, hər ayinə külli-firqeyi-islam nikbəxt olacaqdır. Məlum ola ki, bu əlifbanın kitabçasından bir cild dövləti-əliyyeyi-İrana və beş cild Firəngistanın mümtaz dövlətlərinə ki, onlar da mədrəseyi-əlsineyiislamiyə məmurdur, irsal olunubdur. Baqi cavabınıza müntəzir qalıram. Yazıldı məhərrəmülhəramın axırında, Tiflisdə dostunuz kapitan Mirzə Fətəli Axundzadə tərəfindən. İstanbulda Məcdətli və nəcdətli dusti-mükərrəm Əbdürrəhman ağa cənablarına vasil ola. * * * Tehran əmirlərindən birinə Kapitan Mirzə Fətəli Axundzadə tərəfindən darül-xilafeyi-Tehran əmirlərindən birinə yazılmış məktubun surəti Bu ilin rəbüəssani ayında şərafətli sərkar Qafqaz canişininin icazəsi ilə dövləti-əliyyeyi-İranın Tiflisdəki baş konsulu müqərrəbül-xaqan Mirzə Hüseyn xan islam yazı qaydalarını dəyişdirmək barədə mənim yazmış olduğum bir kitabçanı İranın xarici işlər naziri cənablarına göndərmişdir ki, dövlət rəhbərləri və millət başçılarının nəzərinə çatdırsın. İndiyə qədər Xarici İşlər Nazirliyindən adı hörmətlə çəkilən baş konsula bu xüsusda heç bir cavab yetişməmişdir. Buna görə də mən nigaran qalmışam. Odur ki, cəlal sahibi olan cənabınızdan sonsuz dərəcədə xahiş edirəm ki, mənim tərəfimdən vəkil olaraq işin nə yerdə olduğunu dövlət başçılarına izah edib, onları razı salasınız ki, həmin yeni əlifba məsələsini müzakirə üçün on-on iki nəfər mərifət və kamal sahibindən ibarət bir məsləhət şurası təyin etsinlər; bəlkə haman məsləhətçi heyətin qərarı ilə imtahan üçün bu əlifbadan min cild çap edib, yazılı surətdə göstərilmiş üsul və qayda üzrə uşaqları oxutmağa başlasınlar və bu məsələni qəzetlər vasitəsi ilə yazıb hər yerə bildirsinlər. Bundan sonra əgər xalq canla-başla bu yeni yazı qaydasını qəbul etmək istərsə, o zaman onun bütünlüklə tətbiqinə başlasınlar. Əgər bu təklifi qəbul etməkdə dövlət başçıları ona görə ehtiyat edirlərsə ki, yeni əlifbanın bütün İran ərazisində tətbiq edilməsi nəticəsində köhnə kitab sahiblərinə bir və ya iki kürur zərər dəyə bilər və yəqin ki, bu adamlar şikayətçi ola bilərlər və haman işi asanlıqla qəbul etmək istəməzlər, o zaman belə bir qorxunu aradan qaldırmağın çarəsi yenə də yüksək İran dövlətinin öz əlindədir. Məsələn, bu xüsusda heç bir şübhə ola bilməz ki, yeni əlifba tətbiq olunduqdan sonra köhnə kitab sahibləri müəyyən dərəcədə zərərə düşəcəkdirlər. Lakin məsələnin bu cəhəti də aydındır ki, yeni əlifba qəbul edildikdən sonra mətbəə sahibləri köhnə kitabları yeni əlifba ilə çap edib satmaqdan kürurlarla qazanc əldə edəcəkdirlər. Çünki onların çap etdiyi hər bir kitab mətbəədən çıxan kimi satılacaqdır. Belə olduğu halda xüsusi bir qərarda mətbəə sahiblərinin öhdəsinə belə bir vəzifə qoymaq olar ki, iyirmi il müddətində satış üçün çapxanadan nə qədər kitab buraxılarsa, haman yeni kitabların qiymətinin yarısı müqabilində köhnə kitab sahiblərindən eyni kitabın əski əlifba ilə olan nüsxələrini qəbul etsinlər və haman saat köhnə əlifbada olan kitablara elə bir əlamət vursunlar ki, bəzi çapxana sahiblərinin hiyləsi üzündən o kitablar yenidən başqa bir mətbəəyə təqdim olunaraq satıla bilməsin. Beləliklə, köhnə kitab sahiblərinin zərərinin yarısı ödənilmiş olar və bu kömək isə onlar üçün kifayətdir. Məlumunuz olsun ki, bu yeni əlifbanın bir cildini Osmanlı dövlətinin başçılarına və beş cildini də Avropanın beş əsas dövlətinə göndərmişəm. İslam xalqları üçün çoxlu faydası olan yeni əlifbanın tətbiqi barədə öz fikrimi sübut üçün şəxsən Qafqaz vilayətlərində çalışmaqdayam. Bu məktubumla bərabər, yeni əlifbanın müqəddiməsi, hərflərin şəkli və yeni əlifba ilə yazılmış bir qitə də sizə göndərilir. Mənim istədiyim ümumun xeyridir. Yoxsa, Allaha şükürlər olsun ki, mənim yaşayış vəsaitim və asayişim başqa yollarla da təmindir. Bu cür işlərdən qazanca ehtiyacım yoxdur. Arzum təkcə budur ki, müsəlman tayfaları da başqa xalqlar kimi ellikcə təhsil alıb savadlanmaq imkanına malik olub, məişət işlərindən xəbərdar olsunlar. Allah eləməsin, əgər bu məqsədə çatmaq üçün gətirilən dəlillərdən heç birisi dövlət rəhbərləri və millət başçılarının təbiətinə təsir etməzsə, cəlal sahibi cənabınızdan xahişim budur ki, heç olmazsa, vəziyyəti yazıb mənə bildirəsiniz ki, nigarançılıqdan xilas olum. Aramızda məhəbbət və mehribanlıq əlaqələri olan baş konsul müqərrəbül-xaqan Mirzə Hüseyn xana sizin cəlal sahibi olan cənabınızdan məktub gələrsə, o mənə çatdırar. Şəvval ayının 20-də 1274-cü il (5.VI- 1858-ci il). Tiflisdə, şərafətli sərkar Qaf- qaz canişini hüzurunda islam dillərinin mütərcimi olan kapitan Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı. * * * Şöhrət sahibi olan alicənab! Hərçənd ki, mən şöhrət sahibi olan cənabınızla görüşüb tanış olmamışam, lakin cənabınızın vəsfini dönə-dönə uzaqdan eşitmişəm və şəxsən sizin fəzilətinizlə tam mənada tanışam, cənabınızın əsərlərindən bəzilərini görmüşəm. Xüsusilə sizin gözəl xasiyyətli və xeyirxah bir insan olduğunuzu bir neçə il bundan əvvəl Qazanda cənabınızın tələbələrindən biri olan Mirzə Qafardan çox eşitmişəm. Bu son zamanlarda isə dövləti-əliyyeyi-İranın Tiflisdəki konsulu müqərrəbül-xaqan Mirzə Hüseyn xan, Peterburqdan qayıtdıqdan sonra cənabınızı daim tərifləməkdədir. Bu söylənilən səbəblərə görə cənabınıza qayibanə olaraq böyük bir məhəbbət və səmimiyyət bəsləməkdəyəm. Pak Allahın özü elə bir təsadüf salsın ki, sizinlə görüşmək feyzi mənə də nəsib olsun. Elə güman edirəm ki, şöhrət sahibi olan cənabınız da mənim adımı eşitmiş olarsınız. Avropa yazıçılarının üslubu ilə müsəlman tayfalarının əxlaq və adətlərinə dair bir neçə pyes yazmışam. Rusiya xalqları və Avropa camaatından bəziləri məni bu əsərlər vasitəsilə tanıyırlar. Son zamanlarda islam əlifbasının ərəb, fars və türk dillərinin yazılışı və oxunmasındakı nöqsanlarını müşahidə edərək, haman dillərin öyrənilməsini asanlaşdırmaq məqsədilə islam yazı qaydalarını dəyişdirməyi lazım bildim. Odur ki, bu barədə bir kitabça yazaraq Osmanlı və İran dövlətləri başçılarının nəzər-diqqətinə təqdim etmişəm. Avropa dövlətlərindən hər birinə də haman kitabçadan birər nüsxə göndərilmişdir ki, onların elmi müəssisələrində bu yeni əlifba müzakirə olunsun, mərifət sahibləri bu xüsusda öz fikirlərini məsləhət üçün söyləsinlər. Kitabçadan bir cildi də paytaxt olan Peterburqa göndərilmişdir. Peterburqda şöhrət sahibi olan cənabınızdan başqa, mənim ürəyimdəkilərdən lazımınca xəbərdar olan və bu dəyişdirmənin xeyirli nəticələrindən tamamilə başı çıxan başqa bir şəxs olmadığından, mənə belə yəqin olmuşdur ki, haman kitabçanı şöhrət sahibi olan cənabınızın mütaliəsinə verəcəklər. Buna görə də ümid edirəm ki, cənabınız daim sizi şöhrətləndirən təbii insaf və fitri hüsni-əqidənizə əsasən bu məsələ haqqında ancaq həqiqəti söyləyəcəksiniz və habelə dövlət başçılarına verdiyiniz cavabınızın və həmin məsələ barəsindəki rəyinizin nədən ibarət olduğundan məni də xəbərdar edəcəksiniz. Eyni zamanda fürsəti qənimət bilib yeddi qitədən ibarət olan əsərlərimin bir nüsxəsini hədiyyə olaraq şöhrət sahibi olan cənabınıza göndərirəm. Bunlardan altısı pyes, biri isə hekayədir. Hekayəni bu son zamanlarda yazdığımdan hələ heç yerdə çap olunmamışdır. 1858-ci ilin iyul ayında Tiflisdə şərafətli sərkar Qafqaz canişininin dəftərxanasında islam dilləri mütərcimi olan kapitan Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı. * * * Aleksey Fyodoroviç Kruzenşternə Zaqafqaziya ölkəsi mülki idarəsinin rəisi vəzifəsini icra edən həqiqi mülki müşavir və Kavaler həzrət-əşrəf Aleksey Fyodoroviç Kruzenştern cənablarına Kapitan Mirzə Fətəli Axundzadənin yazılı məruzəsi 3 iyul 1858-ci il, Tiflis Mənim əldə etdiyim məlumata görə, Sankt-Peterburqda, Berlində, Vyanada, Parisdə və Londonda Şərq dilləri məktəbləri və bir çox şərqşünaslar vardır. Bu vəziyyət mənim Şərq dilləri yazısını sadələşdirmək məqsədi ilə yenicə tərtib etdiyim əlifba layihəsini paytaxtlarında bu kimi məktəblər olan hökumətlərin müzakirəsinə verməyə vadar edir. Ona görə də mən söylədiyim əlifbanın İran və Türkiyə dövlətlərinə göndərdiyim əsl nüsxəsindən beş surət çıxararaq, sizin zati-alilərinizə təqdim edib, bu xüsusda knyaz Canişin həzrətlərinə məlumat verərək, həmin əlifbanı onun adından S.Peterburqa, habelə Prussiya-Avstriya, İngiltərə və Fransa hökumətlərinə göndərmək üçün onun həşəmətli həzrətlərindən razılıq istəməyinizi acizanə xahiş edirəm. Eyni zamanda, məni belə bir dəyişikliyə iqdam etməyə vadar edən səbəblər haqqında da bu hökumətlərə izahat verilməlidir. Bu səbəblər haqqında mən, artıq keçən ilin 23 sentyabrında zati-alilərinizə təqdim etdiyim yazılı məruzəmdə ətraflı danışmışam. Kapitan Mirzə Fətəli Axundzadə * * * Müsyö Timofeyevə Hörmətli ağam müsyö Timofeyev! 29.VIII-1858-ci il Sizinlə şəxsi tanış olmaq şərəfinə nail olmasam da, mən qulluğumuzun eyni olmasını nəzərə alaraq, sizə acizanə bir xahişlə müraciət etməyə özümə icazə verib, şübhə etmirəm ki, siz onu dostcasına qəbul edəcəksiniz. Keçən dekabr ayında həzrət-əşrəf stats-sekretar Kruzenştern, Qafqaz canişini knyaz Aleksandr İvanoviç Baryatinskinin icazəsi ilə mənim ərəb, türk və fars dillərinin yazısını sadələşdirmək üçün tərtib etdiyim əlifbanı Osmanlı dövlətinin dərbarındakı imperatorluq səlahiyyətli nazirimiz, həqiqi gizli müşavir Butenova göndərdi ki, o alinəsəb cənab da həmin əlifbanı nəzərdən keçirmək üçün Türkiyə Divanına versin. İndiyə qədər bu işin vəziyyəti barədə heç bir məlumat almadığıma görə mərhəmətli cənabınızdan acizanə xahiş edirəm ki, mənim əlifbamın Türkiyə Divanına verilməsi və onun həmin ölkənin alimləri tərəfindən nəzərdən keçirilməsi, sözün qısası, əlifbamın taleyinin nə yerdə olması barədə mənə yazıb bildirəsiniz. Siz bu dostluğunuzla məni həmişəlik özünüzə hörmət etməyə borclu edəcəksiniz və sizin hörmətli adınız daim mənim təşəkkürlə dolu olan qəlbimdə yaşayacaqdır. Sizə dərin ehtiramımı bildirmək əlaməti olaraq, öz komediyalarımdan bir nüsxəsini sizə göndərərək, xahiş edirəm ki, bu kiçik hədiyyəni məndən sizə səmimi və sadiq olan bir şəxsin hədiyyəsi təki qəbul edəsiniz. Mənim çapa hazırlanan “Aldanmış kəvakib” sərlövhəli hekayəm və “Şərq mürafiə vəkilləri” pyesim də çapdan çıxdıqdan sonra dərhal xidmətinizə göndəriləcəkdir. * * * Mirzə Ələkbərə Təbrizdəki rus konsulxanasının mütərcimi Mirzə Ələkbərə yazılmış məktubun surəti Mənim hörmətli ağam, səadətiniz daimi olsun! Çoxdandır vəziyyətinizdən və əhvalınızdan xəbərim yoxdur. Amma xasiyyətinizin gözəlliyini bildiyimə görə, həmişə adınızı xeyirlə yad edirəm. Son günlərdə kürəkənim Əsgərxan bəy Ordubadiyə bir kitabça göndərmək istəyirdim. Hüseyn Sultanın oğlu olan bu şəxs sizə tanışdır. Özü Məqsudiyyə küçəsində yaşayır. Kitabça yolda itib-batmasın deyə, mən onu ora gələn şəxslərin vasitəsilə göndərmədim. Ona görə də sizin dostluğunuza bel bağlayıb kitabçanı dövlət poçtu ilə cənabınızın adresinə göndərirəm və xahiş edirəm ki, kitabça çatan kimi nökərlərinizdən birinin vasitəsilə onu Əsgərxana göndərib yetişməsi haqqında qəbz alasınız. Ya da ki, Əsgərxan bəyi çağırıb kitabçanı özünə təslim edəsiniz. Qəlbən sizə bəslədiyim ixlas və məhəbbətə əsasən hərdən bu cür başağrısı verməyi özüm üçün mümkün hesab edirəm. Başqa əlacım yoxdur. Bütün Təbrizdə sizdən başqa qızınıb etibar edəcəyim bir nəfər də adam tanımıram. Məni bağışlamağınızı xahiş edirəm. Tiflisdə, kapitan Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı, 1858. * * * Dəsturül-əməl Alicənab Hacı Molla Məhəmməd! Vəqta ki, İstanbula varid olursunuz, təvəqqe edirəm ki, bidunitəxir mənim məktubumu dostumuz Əbdürrəhman ağa Hacı Məhəmmədəmin mərhumun oğluna təslim edib, lisanən mükərrəmüləleyhdən rica eləyəsiniz ki, hər vəch ilə olur olsun mənim məsulumu məmul edə və məktubumun cavabını sizə verə ki, mənə yetirəsiniz. Xülasə, gərək cavabsız gəlməyəsiniz. Sonra əlifbayi-cədidin xüsusunda həmişə ərbabimərifət və kəmal ilə göftgu edəsiniz və üləma məclisinə tərəddüd edib, bu əlifbanın mənfəəti babında onlar ilə danışasınız və basmaxana sahiblərinə deyəsiniz ki, onların hüsni-övza və tərəqqiləri mövqufdur bu əlifbanın intişarına. Ondan ötrü ki, hər kitab təzə xətti-cədid ilə basmaxanadan çıxdıqda haman saat füruşa yetişəcəkdir. İnşaallah-taala, padşahani-islam bu rəsmi-xətti-cədidi təsdiq və mücra edib, küllifirqeyi-islamı nikbəxt edəcəklər və əgər əlifbayi-cədidin surətini bir kimsənə xahiş eləsə, əlbəttə, yazıb verəsiniz. Baqi, fəzailməab İbrahim əfəndiyə məndən salam yetirəsiniz. Yazıldı Tiflisdə, məhərrəmül-həramın axırında, sənə 1275 [9 sentyabr 1858]. Kapitan Mirzə Fətəli tərəfindən. * * * Təlimat Əzizim Əsgərxan bəy! Yeni əlifba kitabçası əlinizə çatan kimi gecikmədən yeni yazı üsulunu yazılmış təlim qaydalarına müvafiq olaraq öyrənib, xalqın bütün təbəqələrindən – istər varlı və əşraf, istərsə də yoxsul və sənətkarlardan şagirdlər tapıb, yeni əlifbanı onlara öyrədin və diqqət yetirin ki, kitabçanın üzünü köçürüb özlərində saxlasınlar. Əgər tələbələrdən və məktəb uşaqlarından şagirdlər tapa bilsəniz, çox yaxşı olar. Yeni əlifba kitabçasını kamal və mərifət sahiblərinin məclislərində oxumalı və yeni yazı üsulunun vacib bir iş olduğunu dəlillərlə sübut etməlisiniz. İşin gedişi barədə aybaay yeni əlifba ilə bir məktub yazıb kəlağayıçı Hacı Rəsula veriniz ki, gecikmədən öz məktubunun içində Tiflisdə olan qardaşı tacir Ağa Həsənə göndərsin ki, o da mənə çatdırsın. Hər bir məktubunda gərək şagirdlərin sayını, onların adını, ləqəbini və hər birinin çalışqanlıq və həvəs dərəcəsini göstərib, habelə xalqın bu yeni əlifbaya meyli olub-olmadığını da mənə bildirəsiniz. Əgər dinləyicilər əlifbaya dair mübahisə açsalar, gərək cavabını bildiyiniz kimi verəsiniz və mənə də yazasınız ki, filan məclisdə filankəs, filan bəhsi filan mətləb ətrafında irəli sürdü. Siz gərək həmişə alimlərin məclisinə gedəsiniz. Siz xüsusilə əsrin müctəhidi cənab Hacı Mirzə Bağır ağanın hüzuruna gediniz. Mənim ona kamil ixlasım vardır və həmişə onun fəzilətinə və gözəl əxlaqına pərəstişkaram. On il bundan əvvəl darül-xilafeyi Tehrana səfərim zamanı Təbrizdən keçərkən, onun mərhum atasının ziyarətinə gedib, əlini öpməyə nail olmuşdum. Siz onunla yeni əlifba haqqında söhbət edin və mülahizələrini mənə yazın! Siz mətbəə sahibləri ilə yaxın əlaqə saxlayıb, onları başa salmalısınız ki, vəziyyətlərinin yaxşılaşması və işlərinin tərəqqisi bu yeni əlifbanın hətta tətbiq olunmasından asılıdır. İnşaallah-taala islam ölkələrinin padşahları onu təsdiq və həyata keçirmək yolu ilə bütün müsəlman xalqlarını xoşbəxt edəcəklər. Sözün qısası, siz gərək bu yeni əlifbanı öyrədib yaymaq fikrində gecə-gündüz tam ciddiyyət və həvəslə çalışasınız. Tacirlər arasında savadsızlar olarsa, əlbəttə, siz bu əlifbanı onlara öyrədin ki, bircə ay ərzində tam savadlı olub, öz işlərini həmin savadın köməyi ilə irəli aparsınlar. Əgər İsfahan, Şiraz və Xorasan kimi şəhərlərin əhalisindən şagirdləriniz olarsa, əlbəttə, yeni əlifbanı onlara da öyrədin və kitabçadan bir nüsxəsini də onlara verin ki, öz vilayətlərinə qayıtdıqdan sonra, onlar da yeni əlifbanı başqalarına öyrətsinlər. 1275-ci il məhərrəmül-həramın sonunda [9.IX-1858] Tiflisdə kapitan Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı. * * * Mirzə Yəquba Mənim əziz ağam Mirzə Yəqub, səadətiniz daimi olsun! Darül-xilafeyi-Tehranda iki dəfə şəxsən şöhrət sahibi olan cənabınızla görüşüb, sizin sonsuz fəzilət və gözəl sifətlərinizdən xəbərdar olduğumdan həmişə sizi yad etməklə ağzımı şirin edirəm. Yəqinimdir ki, siz də gözəl xasiyyətinizə görə məni unutmamışsınız. Dövləti-əliyyeyi-İranın Tiflisdəki baş konsulu müqərrəbül-xaqan Mirzə Hüseyn xan mənim islam dilləri yazısını asanlaşdırmaq haqqında yazmış olduğum yeni əlifba kitabçasını şərafətli sərkar canişinin icazəsi ilə keçən il İran Xarici İşlər naziri cənablarına göndərmişdir ki, dövləti-əliyyeyi-İranın başçılarının nəzərinə çatdırsın. Amma o tarixdən indiyə qədər xarici işlər nazirindən bu xüsusda bir cavab gəlməmişdir. Bundan əlavə, mən özüm də bu barədə bir məktub yazıb adı qeyd olunan hörmətli konsulun vasitəsilə müqərrəbül-xaqan Hüseyn xan Nizamüddövləyə göndərmişəm. Amma ondan da bir xəbər alınmamışdır. Buna görə də şöhrət sahibi olan cənabınızdan xahiş edirəm ki, dostluq və məhəbbət naminə bir məktub vasitəsilə mənə bildirin görüm, mənim əlifbam dövləti-əliyyeyi-İran başçılarının nəzərinə çatdırılıb, ya yox? Və əgər çatdırılıbsa, bu barədə onların rəyi və qərarı nə olmuşdur? Habelə müqərrəbül-xaqan Hüseyn xan Nizamüddövlə ilə görüşüb ondan soruşun ki, mənim məktubum ona çatmışdır, ya yox? Şərəf sahibi olan cənabınızın dostluq cavabının yolunu gözləyirəm. 1858-ci il avqustun sonlarında, Tiflisdə şərafətli sərkar canişinin hüzurunda islam dilləri mütərcimi kapitan Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı. * * * Akademik Dorna məktub Cənab Boris Andreyeviç! Müsəlman əlifbasının natamamlığı şərqşünasların çoxuna məlumdur; müsəlman yazısını öyrənmək, demək olar ki, Çin heroqlifi kimi, zehnə deyil, yaddaşa möhtacdır. Əvvəla, sözlərdə tamamlanmış səslərin əmələ gəlməsi üçün lazım olan hərflərin bir neçəsi əlifbada yoxdur. İkincisi, saitlərin böyük hissəsi onların yardımı ilə tələffüz olunmalı samitlərin yanında yazılmır, bunu oxucu özü nəzərə almalıdır. Bu da oxucu üçün o vaxt müyəssər olacaq ki, yazılmayan saitləri oxumağa qədər kamilləşə bilsin. Bununla da illər keçir, qiymətli vaxt boş yerə hədərə gedir. Üçüncüsü, hərflərin çoxunun yazılış şəkli eynidir və yalnız nöqtələrlə fərqlənirlər. Bu nöqtələr də çox vaxt katiblər tərəfindən yazılmır, onları ayırd etmək oxucunun öz öhdəsinə buraxılır. Yazının belə vəziyyəti onunla nəticələnir ki, müsəlman əhalisi arasında on min nəfərdən bir nəfər savadlı ancaq tapılır. Bu, onların savadlanmaq istəmədiklərindən deyil, həmin işin çətin başa gəlməsindən irəli gəlir. Qadınlar isə büsbütün savadsız qalırlar. Avropalılara gəldikdə, izah etdiyimiz çətinliklər üzündən onlar müsəlman dillərinin yazısını öyrənməkdə asiyalılardan daha çox əziyyət çəkirlər. Sivilizasiyanın indiki sürətli nailiyyətləri dövründə yazının belə qeyri-təbiiliyi mədəni dünyanın Şərq ədəbiyyatına sarı gedən yolunu həmişəlik bağlaya bilməzdi, onun əlifbasında mütləq dəyişiklik əmələ gəlməli idi. Ancaq mən bu sadalanan çatışmazlıqlara hamıdan qabaq diqqət yetirdim və müsəlman əlifbasını dəyişmək qərarına gəldim: bütün nöqtələri atdım, yazılmayan saitləri əlifbaya daxil etdim, onlar üçün münasib fiqurlar ixtira etdim, əlifbanı çatışmayan hərflərlə təkmilləşdirdim. Hər hərf üçün xüsusi, nöqtəsiz fiqur tapdım, bir sıra lazımi durğu işarələri, düzgün yazmaq qaydaları və ən asan əlifba tədrisi metodikası təsis etdim. Xaraktercə köhnədən fərqlənməyən bu əlifba ərəb, fars, tatar (Azərbaycan – H.M.) dillərinin öyrənilməsi məqsədinə tam xidmət edə bilər. Həmin layihənin kitabını mən baxılmaq üçün artıq İran və türk saraylarına göndərmişəm. İndi isə bu layihəni sizin maarifpərvər diqqətinizə çatdırıram. Əgər mənim fikirlərim sizin təsdiqinizə layiq görülsə, xahiş edirəm onları müzakirə üçün elm sahəsində hər cür xeyirxah niyyətləri maarifpərvərcəsinə himayə edən imperator Elmlər Akademiyasına təqdim edəsiniz. Ümidvaram ki, ictimai fayda üçün Akademiya bu məsələyə diqqət yetirəcək və layihə barədə öz rəyini və qərarını bildirməklə məni şərəfləndirəcəkdir. Mənə elə gəlir ki, bəşəriyyət üçün faydalı olan bu iş müsəlman xurafatı mülahizələri ilə rədd edilməyəcəkdir. Ona görə ki, hicrətdən 300 il sonra müqəddəs kitabların yazıldığı kufi adlanan islam əlifbasının dəyişilməsinə yol verilmişdir. Dərin hörmət və hüdudsuz sədaqətlə, Kapitan Mirzə Fətəli Axundzadə. Qaf- qaz Canişini nəzdində Şərq dilləri dəftər- xanasının mütərcimi. Tiflis şəhəri 12 mart 1859-cu il * * * Mirzə Hüseyn xana Məhəbbət yolu ilə məni yada salıb göndərdiyiniz məktub gəlib çatdı. Könlümün güzgüsünə sizdən sarı qonmuş inciklik tozu silindi. İndi gileygüzarlıq məqamında deməliyəm ki, siz mənim haqqımda çox cəfa rəva gördünüz. Mən sizə sədaqət və məhəbbət göstərdim. Onun əvəzində cövrü cəfa layiq deyildi. Özünüz insafla deyin, Tiflisdə sakin olduğunuz müddətdə məndən sizin istəyinizin xilafına olan bir hərəkət baş verdimi? Amma siz cənabın mənimlə rəftarından mənim şikayət etməyə haqqım var. Məndən aldığınız o əlifba kitabçalarını nə elədiniz? Mənə verdiyiniz o bollu vədlər necə oldu? İndi yazırsınız ki, İstanbula gəlim. Nə ümidlə, hansı inamla? Hər halda möhtərəm Mirzə Əbdürrəhim xana gahdan yazıb göndərdiyiniz məktubun qırağında yazıb bildirin görək gələn ilin payızında sizə məlum olan mətləblərə görə iki-üç ay müddətinə İstanbula gəlməyim məsləhətdir, ya yox? Şövkətli cənabınız dostların könlü istədiyi kimi, öz arzunuza çatdınız. Bəs mən öz arzuma çatmayımmı? Cənabınız bilirsiniz ki, öz əməllərim və işlərim sarıdan xalqın yanında mənim heç bir təqsirim yoxdur. Belə olduqda, nə üçün gərək öz diləyimə çatmaqdan məhrum olum? Bəlkə belə buyurasınız ki, mənim diləyim olası işlərdən deyil. Lakin siz bunu Tiflisdə demirdiniz, bəlkə mənim qeybətimdə deyəsiniz? Mən İstanbula gəlməli olsam, indi çap olunmaqda olan yeddi təmsildən ibarət bütün əsərlərimi gətirəcəyəm. Rusiya səfirliyində mənim Henrexsin adlı bir dostum var, son vaxtlarda Konstantinopol səfirliyinin ikinci tərcümanı rütbəsinə təyin olunmuşdur. Ona bir məktub göndərirəm, onun çatdırılması haqqında hörmətli cənabınızın buyruğunu təvəqqe edirəm. Bu şərtlə ki, Henrexsinə buyurasınız ki, cavabını da sizin Mirzə Əbdürrəhim xana göndərəcəyiniz zərfə qoysun və o mənə çatdırsın. Ona görə ki, bundan əvvəl mən Henrexsinə bir məktub göndərmişəm, ancaq cavabını almamışam. Bu cəhətdən məndə bir şübhə yaranıbdır ki, ola bilsin Henrexsin cavab göndərib, lakin bizə məlum olan şəxs onu mənə çatdırmayıbdır. Mirzə Fətəli Axundzadə 10 noyabr 1859, Tiflis * * * Akademik Dorna cavab Həzrət-əşrəf! Zati-alinizin göndərdiyi məktubdan aldığım gözəl təəssüratı ifadə etmək üçün söz tapa bilmirəm. Mən bu məktubda yeni əlifbama dair birinci dəfə olaraq, təsəlliverici sözləri oxudum. Açıq deməliyəm ki, mən öz layihəmin faydalı və əsaslı olmasına o qədər möhkəm əmin idim ki, onun tezliklə və hər yerdə tətbiq ediləcəyinə zərrə qədər şübhə etmirdim. Belə bir əhvali-ruhiyyə ilə mən özümü elə bir şəxslə müqayisə edirdim ki, o, özünün bütün zəifliyi ilə qarşısında duran ən böyük çətinlikləri aradan qaldıra bilər. Lakin sizin məktubunuzu oxuduqdan sonra, sizə bəslədiyim tam etimada baxmayaraq, öz fikrimi dəyişdim. Məndəki coşqunluq və sonsuz enerji, əql-səlim və sakitliklə əvəz edildi. Mən öz layihəmi bəşəriyyət üçün faydalı olan bir zəhmətin nəticəsi kimi müdafiə etmək haqqında düşünərək, aşağıdakı qərara gəldim. Mənim layihəm hazırda islam Şərqinin ruhuna uyğun olaraq, rəhbər kimi qəbul edilə bilməz. Çünki o qəbul edildikdə hazırda Asiya və Avropada mövcud olan əlifba ilə çap edilmiş və həmin əlifbada olan bütün kitabları ləğv etmək lazım gələrdi. Ona görə də olmazmı ki, həmin bu əlifbanı hazırda mövcud olan köhnə əlifba ilə bir sırada tətbiq edərək, cüzi zəhmətlə öyrənmək fikri qəbul edilsin. Necə ki, rus mülki əlifbası kilsə əlifbası ilə birlikdə bir-birinə mane olmadan eyni xalq tərəfindən yazılır və oxunur. Belə bir ehtimalın mümkün olacağını düşünərkən mən müsəlmanların onsuz da şikəstə, reyhani və sairə kimi, həm də oxumağı bacaran adamların əksəriyyətinə tanış olmayan xətlərə malik olduğunu nəzərdə tuturdum. Lakin burada bir fərq var ki, adlarını çəkdiyim xətlər, mənim əlifbam tətbiq edildiyi təqdirdə, hazırkı yazıdan fərqləndiyi qədər fərqli deyildirlər. Ancaq mənim əlifbamın çox mühüm üstünlüyü vardır. Onun vasitəsilə bütün tarixi və coğrafi əsərlərdə bol olan xüsusi adları doğru və düzgün oxumaq və yazmaq mümkün olacaqdır. Əgər yuxarıda izah etdiyim ehtimal həyata keçirilərsə, mənim layihəmin müvəffəqiyyəti zamandan və habelə onu qəbul edən xalqın hər cür yeniliyə olan meylindən asılı olacaqdır. O zaman ümid etmək olar ki, mənim əlifbam elə bir xalqın vasitəsilə Şərq ədəbiyyatında fəxri yer tutacaq və o əlifbada yeni-yeni əsərlər meydana çıxmaqla yanaşı, köhnə əlifba ilə olan bir çox köhnə kitablar da həmin əlifbaya köçürüləcəkdir. Əlbəttə, belə olduqda mənim məqsədim yerinə çatacaq və o xoşbəxt günlərə qədər yaşamasam da, əvvəlcədən bu xüsusda asudə ola bilərəm. Bu ümidlə də mən öz işlərimi bitirdikdən sonra gələn payızda Konstantinopola getmək və öz əlifbamın layihəsini şəxsən Türkiyə hökumətinə təqdim etmək qərarına gəlmişəm. Buna görə də mən cənabınıza müraciətlə acizanə xahiş edirəm ki, o vaxta qədər sizin mənə olan mərhəmətinizin davam etdirilməsinin əlaməti olaraq, həmin bu layihəni imperatorluq Elmlər Akademiyasının müzakirəsinə verərək, eyni zamanda qeyd edəsiniz ki, bu layihədə ilk əvvəl qapıldığım ruh yüksəkliyinin təsiri altında yazılmış müqəddimə, yuxarıda göstərilən mötədil ruhda yazılmış müqəddimə ilə əvəz ediləcəkdir. Əgər akademiya xeyirxahlıq üzündən mənim layihəmi qəbul edərsə, mən özümü tamamilə xoşbəxt hesab edərək, bütün ömrüm boyu faydalı olması inkaredilməz bu əsərin yayılması uğrunda yorulmadan çalışaram. Məktubumun sonunda, komediyalarımdan ibarət olan kitabımın bir nüsxəsini sizə təqdim edib, onu qərəzsiz sədaqətimin və sizə dərin hörmətimin təzahürü kimi qəbul etməyinizi xahiş edirəm. Həzrət-əşrəfinizin sədaqətli xidmətçisi, Mirzə Fətəli Axundzadə 28 mart 1860-cı il, Tiflis. * * * A.F.Kruzenşternə Qafqaz canişini baş idarəsi rəisi A.F.Kruzenşternə Baş idarənin yazılı mütərcimi kapitan Mirzə Fətəli Axundzadənin məlumat vərəqəsi Fevral 1861-ci il 1834-cü ildə mən ruhani rütbəni buraxıb doğma yurdum Nuxadan Tiflisə gəlmiş və mərhum general baron Rozenin Baş idarə dəftərxanasında Şərq dillərinin yazılı mütərcimi vəzifəsinə təyin olunmuşam. O vaxtdan etibarən mən pulsuz olaraq Departament dəftərxanasının da fars dilində yazılı mütərcimlik vəzifəsini yerinə yetirmişəm. Elə hallar olmuşdur ki, hökumətin İran və Türkiyə sarayları ilə münasibətlərində mən Diplomatik dəftərxana işləri üzrə faydalı xidmətlər etmişəm: xüsusilə onlardan ən əhəmiyyətlisi 1842-ci ildə o zaman birinci dərəcəli kapitan olan qraf Putyatin ilə Astrabad körfəzinə, Türkmənistan sahillərinə, Mazandarana və Gilana ezamiyyətə getməyimdir ki, həmin ezamiyyət müvəffəqiyyətlə başa çatanda qraf Putyatin mənim təmənnasız davranışımdan və onunla təxminən yarımvəhşi tayfalar arasındakı faydalı vasitəçiliyimdən son dərəcə razı qaldı. Bundan əvvəl də 1839-cu ildə mən baş qərargahın zabiti kapitan Dançenko ilə Quri qəzası ilə Çürüksu malikanəsi arasındakı sərhəd nişanlarını təyin etmək üçün getmişdim. Bu ezamiyyətin heç bir müsbət nəticəsi olmasa da, biz altı ay ərzində bu iş üzrə çox zəhmət çəkdik və bədbəxt Dançenko yay fəslində Quri iqliminin zərərli təsiri nəticəsində öldü və mən də səhhətim pozulmuş halda Tiflisə qayıtdım. Mənim Diplomatik dəftərxana üzrə işimin müqabilində mərhum general Neydqart həmin dəftərxana hesabına mənə ildə 240 gümüş manat maaş təyin eləmişdi. 1848-ci ildə mən fars dili mütərcimi sifətilə general Şellinq ilə Tehrana ezam edildim. Bunlardan başqa Diplomatik dəftərxana xətti ilə ezamiyyətdə olmamışam, lakin o idarənin İran sarayı ilə çox mühüm yazışmalarını tərcümə etməkdə xeyirli xidmətim olubdur. 1851-ci ildə mərhum knyaz Voronsov Diplomatik dəftərxana hesabına mənim maaşımı 400 manata qədər yüksəltdi ki, bu məbləği mən keçən ilin dekabr ayınadək almışam. Bu vaxtdan etibarən Diplomatik dəftərxananın müdiri Tenqeborski maaşımı kəsib, acıqcasına mənə söylədi ki, Diplomatik dəftərxananın başqa yerlərdən asılı olmayan fars mütərciminə ehtiyacı var, mən isə Baş idarənin dəftərxanasında xidmətdə olduğum üçün eyni zamanda onun idarə etdiyi dəftərxananın mütərcimi ola bilmərəm. İran konsulu ilə yazışmaların farsca tərcüməsi vəzifəmi o, ştabs-kapitan Yüzbaşova, İran sarayı ilə olan ən mühüm yazışmaların tərcüməsini isə knyaz Canişinin moiyyətində xidmət edən qrafın mülki müşavirinə tapşırır. Mənim vəziyyətim olduqca çətinləşibdir: mən təminatımın təxminən üçdə birindən məhrum olmuşam. Halbuki, ədalət naminə, Diplomatik dəftərxanada uzunmüddətli xidmətimi nəzərə alaraq gərək məni incitməyəydilər, mən bu sahədə gələcəkdə də onlara xeyir verə bilərdim. Amma nə edəsən? İndi öz vəziyyətimi zati-alinin xeyirxah nəzərinə çatdırmağa cəsarət edib bildirirəm ki, Tiflisin bu bahalığında mənim boynumda 16 başdan ibarət bir ailənin yükü vardır. Xəzinədən verilən maaşdan başqa mənim heç bir gəlir mənbəyim yoxdur. Hərçənd mənim bir evim var, lakin o da şəhərin əlverişli olmayan hissəsində yerləşdiyi üçün gəliri güc-bəla ilə ancaq onun təmir xərcini, bir də tikinti komissiyasından aldığım borcun illik qismini ödəməyə çatır. Halbuki bütün Zaqafqaziya müsəlmanları arasında yaxşı keyfiyyətlərlə tanınıb onların hörmətini qazandığım üçün mən, ölkənin adəti üzrə, onların möhtərəm adamlarını Tiflisə gələrkən duz-çörəyə qonaq etməkdən boyun qaçıra bilmərəm. Bunun üçün də siz zati-alinin himayəsinə bel bağlayıb mənim ağır vəziyyətimi əlahəzrət canişin cənablarına çatdırmağı acizanə xahiş edirəm ki, o mərhəmətli cənab Baş idarə nəzdində qulluq edən yeganə müsəlmanı öz lütfkar nəzərindən məhrum etməsin... Mənim yaşamaq üçün heç bir vəsaitim yoxdur. Belə bir mərhəmətə layiq olduqda təkcə Baş idarənin deyil, Baş qərargahın və başqa yerlərin mənə bütün tapşırıqlarını sürətlə yerinə yetirməyimlə özümə haqq qazandıra bilərəm; ona görə yox ki, tərcüməçiyəm, ona görə ki, yazılı tərcümə sahəsində məndən yaxşısı yoxdur. Kapitan Mirzə Fətəli Axundzadə * * * Qeyd 1861-ci ilin sentyabr ayında Müsyö Berje vasitəsilə Tiflisdən Tehrana “Təmsilat”ımdan dörd nüsxəsini adları aşağıda qeyd olunan şəxslərə, yəni maarif naziri şahzadə Əliqulu Mirzəyə, əyalət nayibi şahzadə Fərhad Mirzəyə, ədliyyə naziri Abbasquluxan Cavanşirə və Müşirüddövlə Mirzə Cəfər xana göndərib, “Təmsilat”ın hər bir nüsxəsinin titul vərəqində bu sözləri yazdım. Yazdığım bunlardır: Zahiri baməzə və xoşagələn, batini isə başdan-başa moizə və nəsihətdən ibarət olan bu cür qəribə əsərlər müsəlman xalqları arasında məlum deyildi. Mən bu işin banisi oldum. Bu əsərlərdə mənim müsəlman camaatı arasında mövcud olan bəzi xoşagəlməz adətlərə və ənənələrə qarşı istehza yolu ilə etirazımı görənlər, bu etirazı mənim təəssübsüzlüyümə və xalqıma qarşı məhəbbətimin olmamasına yozmasınlar gərək! Çünki bu etirazlardan məqsədim ibrət dərsi verməkdir ki, başqaları bu kimi pis adətlərdən çəkinsinlər. Necə ki, açıq fikirli həkim şeyx Sədi rəhmətullah da öz “Gülüstan”ında Loğmanın dili ilə bu mətləbə işarə etmişdir: “Loğmandan soruşdular ki, ədəbi kimdən öyrəndin? Dedi: – Ədəbsizlərdən, yəni onların əməllərində hər şeydən ki, xoşum gəlmədi, ondan uzaqlaşdım”. Mirzə Fətəli Axundzadə * * * Həzrət Sədirətpənaha Həzrət-Sədarətpənahın yüksək nəsəbli hüzuruna Allah onun cəlalını daimi etsin! Zati-ali imperatorzadə Qafqaz cani- şini xidmətində islam dilləri mütərcimi mayor Mirzə Fətəli Axundzadədən Acizanə ərizədir Mən əvvəllər Qafqazın müsəlman mədrəsələrində oxumaqla məşğul olub, türk, fars və ərəb dillərini mümkün qədər öyrəndim və ondan sonra öz vətənim Şəki şəhərindən Tiflisə gəlib, burada rus dilini öyrəndim və böyük Rusiya dövlətinin xidmətinə daxil olub, Qafqaz sərdarlarının hüzurunda müsəlman dilləri mütərcimi vəzifəsinə təyin edildim. Xidmət zamanında belə mütaliə və tədqiqatdan uzaqlaşmadığıma görə köhnə islam əlifbasının çatışmaz cəhətlərini dərk edib, bu əlifbanı təzələməyə iqdam etdim və bu barədə xüsusi bir kitab yazdım. Bundan əlavə, müsəlman camaatının əksəriyyətinə məlum olmayan teatr tamaşaları fənnində altı pyes yazıb, bu sənətin şərtləri və qaydaları barədə gələcək təqlidçilər üçün yol göstərdim və habelə avropalıların üslubunda yazdığım bir hekayəni də “Təmsilat”a əlavə etdim. Hazırda imperatornəsəb, nəsli yüksək şahzadə Qafqaz canişini həzrətlərindən iki aylıq icazə alıb yaşadığım Tiflis şəhərindən darülxilafeyi İstanbula gəlmişəm. Yeni əlifba kitabını bir cilddə, qeyd etdiyim sənət üzrə “Təmsilat”ı və hekayəmi də digər bir cilddə Həzrətsədarətpənahınızın qədəmlərinə nisar edib, xahiş edirəm ki, böyük mərhəmət üzündən tapşırasınız ki, onları Darülelmin məşvərət məclisində müzakirə etsinlər və əgər yeni əlifbanın faydası barədə kitabın müqəddiməsində yazmış olduğum dəlillərim və habelə “Təmsilat”ın faydası haqqında onların müqəddiməsində gətirdiyim sübutlar, eləcə də onların özü və hekayə Darülelmin məşvərət sahiblərinin nəzərincə ağlabatan görünərsə və mənim zəhmətim bəyənilərsə, bu xüsusda mənim əlimə bir kağız əta etsinlər ki, öz yaşadığım yerə qayıdım və o kağızın sayəsində öz həmməzhəblərim qarşısında fəxr edib, yeni əlifbanı Qafqazın müsəlman əhalisi arasında tətbiq etmək üçün böyük Rusiya dövlətinin köməyini almağa haqq qazanım və bütün əhl-əyalımla bərabər, həmişə islamın pənahı olan padşahın şövkətinin artması üçün Həzrətsədarətpənahın səadətinin bərqərar olması üçün duagu olum. Bununla bərabər, sizə bunu da ərz etməyi özümə borc bilirəm ki, mənim “Təmsilat”ımın rus dilində tərcüməsi Rusiyada və Avropa ölkələrində nəşr olunmuş və onların tərifinə dair bir neçə məqalə çap olunaraq, Tiflisə gəlib çatmışdır. Onlardan biri Peterburqda, digəri Prussiyada çap olunmuşdur. Həmən iki mədhnaməni də cildlədib özümlə buraya gətirmişəm. Əgər Darülelmin məşvərət sahibləri istəsələr, nəzərdən keçirə bilərlər. İslam yazısının meydana gəlməsi barədə yazdığım bir tədqiqatı da yeni əlifbanın müqəddiməsinin məzmunu ilə əlaqədar olduğuna görə, həmin ərizəmlə sizə təqdim edirəm. Sizə ixlası olan ərizəçi: mayor Mirzə Fətəli Axundzadə Məhərrəm ayı, 1280-ci il [VI-1863] darül-xilafeyi-İstanbul * * * Yazılı məruzə (Kruzenşternə) Qafqaz canişinliyi baş idarəsinin mütərcimi mayor Mirzə Fətəli Axundzadənin yazılı məruzəsi 23 aprel 1863-cü il, Tiflis Kruzenşternə Zati-alilərinizə məlum olmamış deyildir ki, Şərq dillərinin inkişafı sahəsində mənim yorulmadan göstərdiyim fəaliyyət, iki çox mühüm xidmətimlə möhkəmləndirilmişdir. Bunlardan biri ondan ibarətdir ki, mən öz ədəbi əsərlərimlə indiyə qədər bizim ədəbiyyatımıza məlum olmayan dramnəvislik məktəbinin başında durmuşam. İkincisi isə ondan ibarətdir ki, Şərq dillərini öyrənmək işinin lap başlanğıcında bütün çətinliklərin səbəblərini tamamilə aradan qaldırmaq məqsədilə yeni əlifba yaradıb, sait hərfləri ona daxil etməklə nöqtələri də ləğv etmişəm. Mən öz əlifbamın layihəsini Peterburqda akademik Dorn və Parisdə Sarkin de-Tass kimi məşhur şərqşünasların mütaliəsinə təqdim etdim. Onların hər ikisi mənim əsərimi bütünlüklə təqdir edib, eyni halda mənə yazmış olduqları cavab məktublarında qeyd etdilər ki, mənim əlifbamın müsəlmanlar tərəfindən əsas qəbul edilməsi böyük çətinliklərlə əlaqədardır. Mən isə öz tərəfimdən onların mülahizələri ilə razılaşmaya bilməzdim. Ona görə də köhnə əlifbanın bütünlüklə yenisi ilə əvəz edilməsinin mümkün olacağı fikrindən əl çəkmək qərarına gəldim. Lakin belə bir güzəştə getməyi qət etdiyim halda, mən bu əqidəmdə sabit qaldım ki, köhnə əlifba ilə yanaşı, yeni əlifbanın öyrənilməsinə yol verilməsi son dərəcə faydalı bir iş olardı. Heç olmazsa, bu ona görə lazımdır ki, xarici dillərdən Şərq dillərinə tərcümə edilən kitablar həmin yeni əlifba ilə çap olunar. Burada məhz o cəhət nəzərə alınır ki, Şərq dillərində müvafiq qarşılıqları olmayan əcnəbi adları bizim köhnə əlifbanın hərfləri ilə lazımi surətdə dəqiq və düzgün vermək mümkün deyildir. Lakin burada daha mühüm bir məqsəd də vardır. Ev mühitində üzərinə çox mürəkkəb vəzifələr düşən qadın cinsinin ayrıca olaraq öz ana dilində savad öyrənməyə vaxtı və imkanı olmadığından, tamamilə savadsız qalır. Yeni əlifba isə onların işini xeyli asanlaşdırır və qadınlara belə bir imkan verir ki, çoxlu vaxt sərf etmədən, asan və tez bir zamanda savad öyrənib, bununla da məhdud və nisbi olsa da, maariflənmənin cəhalət üzərindəki üstünlük hüququndan bəhrələnmiş olarlar. Bütün yuxarıda göstərilənləri nəzərə alaraq, mən belə bir qərara gəlirəm ki, Konstantinopola səfər edib, öz dram əsərlərimi və yeni əlifba layihəmi Konstantinopol Elmlər Akademiyasının müzakirəsinə verim. Buna görə də həzrət-əşrəfinizin himayəçiliyinə müraciət edib, acizanə xahiş edirəm ki, valahəzrət imperatorzadə böyük knyaz Qafqaz canişininin qarşısında vasitəçilik edəsiniz ki, oraya getmək üçün mənə, aldığım maaşın saxlanılması şərtilə iki aylıq məzuniyyət verilsin. Mən Tiflisdə olmadığım müddətdə vəzifəmin ifası kollegiya katibi qardaşım, Mirzə Mustafa Axundovun öhdəsinə qoyulsun. Bu xahişimə başqa bir xahişi də əlavə etməyə cəsarət edirəm. Həzrət-əşrəfiniz mənim üçün böyük knyazdan Konstantinopoldakı bizim Rusiyanın səlahiyyətli nazirinin üstünə bir tövsiyənamə almaq barədə təşəbbüsünüzü müzayiqə etməyin. Mənim səfərimin bütün müvəffəqiyyəti valahəzrət canişinin mənə bu yüksək mərhəmətindən o qədər asılı ola bilər ki, hətta türklər mənim əlifbama rəğbət göstərməsələr belə, bu mərhəmət mənim üçün çox qiymətli olaraq qalar. Çünki onlar, heç olmazsa, görərlər ki, böyük Rusiya dövlətinin xidmətində olan müsəlmanlar içərisində elə məlumatlı adamlar vardır ki, mükafatlara layiq görülüb və Zaqafqaziyanın ali mənsəb sahiblərinin hörmətindən faydalanırlar. Mən isə Tiflisə türklərin həyat tərzi və onların əxlaq və adətləri haqqında bollu yeni məlumat ehtiyatı ilə qayıdacağam. Akademik Dornun məktubunu bu ərizəmə əlavə etməyi özümə şərəf bilirəm. Bu xahişimin qəbul ediləcəyinə tamamilə əmin olduğuma görə, qeyd edilən səfər üçün mənə xarici pasport verilməsi haqqında lütfən sərəncamınızı xahiş etməyi də özümə şərəf bilirəm. Mən bu səfərimi qəsdən ona görə yay fəslinə salmışam ki, bu dövrdə valahəzrət canişin yaylaqda olur və beləliklə də, mənim şifahi tərcümə işlərimə lüzum qalmır. Zati-alilərinizə məlumdur ki, mərhum Tengeborskinin mənə qarşı olan bədxahlıq münasibəti nəticəsində əvvəllər aldığım maaşın üçdə bir hissəsindən məhrum olduqdan sonra maddi cəhətdən bir qədər çətinlik qarşısında qalmışam. Ona görə də sizə zəhmət verməyə cəsarət edib, xahiş edirəm ki, böyük knyaz imperator canişinindən mənə yol xərci olaraq, müəyyən bir məbləğ yardım edilməsi barədə vasitəçi olasınız. * * * A.F.Kruzenşternə Baş idarənin mütərcimi mayor Mirzə Fətəli Axundzadənin yazılı məruzəsi 1863-cü il [a.f.]kruzenşternə İki ay müddətinə Konstantinopola getmək üçün valahəzrət imperator canişinindən icazə alaraq, özümə xarici pasport çıxarmışam və həmin may ayının sonlarında yola düşmək fikrindəyəm. Bununla əlaqədar olaraq, zati-alilərinizə müraciətlə, acizanə xahiş edirəm ki, mənə himayənizi başa çatdıraraq, valahəzrət imperator canişinindən Konstantinopoldakı Rusiya səlahiyyətli nazirinin ünvanına mənim barəmdə bir tövsiyə məktubu almaq üçün vasitəçi olasınız. Çünki mən tatar dilində yazdığım və alman jurnalı, fransız qəzeti və habelə bizim məşhur tənqidçimiz mərhum O.İ.Senkovskinin tərəfindən böyük tərifə layiq görülən altı pyesimi və bir hekayəmi Türkiyə Elmlər Akademiyasına təqdim üçün səlahiyyətli nazirimizin müsaidətinə müraciət etməli olacağam. Zati-alilərinizə məlum olmaya bilməz ki, mərhum Tengeborskinin mənə qarşı bədxahlığı nəticəsində, əvvəllər aldığım maaşın təxminən üçdə bir hissəsindən məhrum olduğum zamandan bəri, maddi vəziyyətim müəyyən dərəcədə ağırlaşmışdır. Ona görə də cənabınızı zəhmətə salmağa cəsarət edərək, eyni zamanda acizanə xahiş edirəm ki, bu səfər zamanı yol xərci üçün mənə bir qədər pul yardımı vermək barədə valahəzrət imperator canişininin sərəncam verməsi haqqında da vəsatət edəsiniz. * * * Xüsusi qeydlər “Təmsilat” və “Yeni əlifba” kitabçasını bağışladığım adamların siyahısı. Bu barədə ərizə verməyimin şərhi də burada qeyd edilmişdir. 1863-cü il 8 iyul tarixində Batum qəsəbəsində Lazıstan sancağının qaimməqamı Osman Şövqi əfəndiyə “Təmsilat”dan bir cild və “Yeni əlifba”dan da bir nüsxə hədiyyə verdim. Hicri 1280-ci il [1863], məhərrəm ayının 28-də çərşənbə günü, polkovnik Boquslavski vəziri-muxtar Mirzə Hüseyn xanın evinə gəlib məni qayığa apardı. Əvvəlcə xarici işlər naziri Ali paşanın evinə getdik. Bizə çox hörmət etdi. Bir cild “Təmsilat” və “Yeni əlifba”nın nümunəsini və Mirzə Məhəmmədin xətti ilə yazılmış bir qitəni də vəzirə verdim. Trabzon valisi Məhəmməd Əmin paşanın məktubunu da yetirdim. Əvvəldən axıra qədər oxudu. Sonra mənə suallar verməyə başladı. Səfərimin məqsədini söylədim. Əlifbanı da göstərdim. Çox xoşuna gəldi. Və təbəssümlə buyurdu: “Gözəl şeydir. İstanbulda on il bundan əvvəl bəziləri bu məsələni başa düşüb, bir məclis də təşkil etmişdilər. Lakin sonra iş yarımçıq qaldı”. Sonra qalxıb Sədr-əzəmin hüzuruna getdik. Fuad paşa bizi öz xüsusi otağına dəvət etdi. Trabzon valisinin məktubunu ona verdim. Sonra isə qəsidəmi təqdim etdim. Hamısını oxudu və dedi: “Şerin əsası yalan üzərində qoyulubdur; çünki onun ən çox yalan olanı ən yaxşısı hesab olunur. Yazdığın bu keyfiyyətlər məndə yoxdur”. Mən ərz elədim ki: “Sədr-əzəmin yaxşı sifətləri mən yazdığımdan qat-qat artıqdır, ancaq mənim dilim bütün bu keyfiyyətləri sayıb-söyləməkdən aciz qalmışdır”. O güldü. Sonra əlifbanı göstərdim və onun lüzumu barədə bəzi dəlillər gətirdim. Buyurdu ki: “Maarifi-ümumiyyə məclisinə veririk. Orada müzakirə edərlər. Yaxşı şeydir. Həqiqətən faydası tamamilə göz önündədir”. Sonra polkovnik Boquslavskiyə buyurdu ki, “Maarifi-ümumiyyə rəisi Ədhəm paşanı tanıyırsınızmı?” Boquslavski dedi: “Tanışlığım yoxdur”. Sədr-əzəm dedi: “Axundzadəni onun yanına aparmaq lazımdır”. Boquslavski dedi: “Apararam, əvvəlcə özümü tanış edərəm, sonra isə Axundzadəni”. Bu zaman qəhvə gətirdilər və çubuq verdilər. Təsadüfən ticarət naziri, yəni ticarət vəziri Səfvət paşa məclisə təşrif gətirdi. Ayağa qalxıb ona hörmət etdik. Sədr-əzəm məni onunla tanış etdi və dedi ki: “Yeni əlifba ixtira etmişdir”. Səfvət paşa əlifbanı görmək istədi. Qitəni hüzuruna aparıb göstərdim. Bəyəndi və təsdiq etdi. Bundan sonra sədr-əzəm gülümsəyərək buyurdu ki: “Şahin bəyi çağırın!” Şahin bəy gəldi. O, xoş görkəmli bir cavandır, sədr-əzəmin adyutantıdır. Sədr-əzəm ona dedi: “Axundzadə də sizin həmyerlinizdir, onu tanıyırsanmı?”. Şahin bəy dedi: “Xeyr, tanımıram”. Sədr-əzəm mənə üz tutub dedi: “Bu, şirvanlıdır”. Mən dərhal dedim: “Ömər bəy Şahpələngin bacısı oğludur?”. Dedi: “Bəli”. Mən təəccübümdən sinədən bir ah çəkdim. Sədr-əzəm çox güldü. Bu zaman Boquslavski artıq ayağa qalxmışdı. Biz baş əyib çıxdıq və mənzilə getdik. Məşvərətxanada müzakirə üçün “Təmsilat”dan dörd cild sədrəzəmə təqdim etdim. Əlifba kitabçasını da, Mirzə Əbutalibin xətti ilə yazılmış üç qitə ilə birlikdə ona tapşırdım. “Təmsilat”dan bir cild, əlifba əlamətlərini və Mirzə Məhəmmədin xətti ilə yazılmış bir qitəni də onun özünə verdim. “Təmsilat”dan vermişəm: Ömər bəyin bacısı oğlu Şahin bəyə iki cild türkcə (azərbaycanca), iki cild isə rusca verdim ki, onlardan birər cild Ömər bəyə göndərsin. Dövləti-əliyyeyi-İranın səfiri Mirzə Hüseyn xana və cənab Ruhülqüds Mirzə Melkum xana, hər birinə bir nüsxə verdim. Yüksək Osmanlı dövlətində xarici dövlətlərlə aparılan yazışmaların başçısı Münif əfəndi cənablarına bir nüsxə, Xarici İşlər Nazirliyinin baş mütərcimi Arif cənablarına bir nüsxə təqdim etdim. “Təmsilat”dan bir nüsxə əlifbanın hərfləri ilə bərabər, sabiq sədr-əzəm Yusif paşa cənablarına təqdim etdim. Ədliyyə rəisinə bir nüsxə “Təmsilat” və əlifba hərflərini, Trabzon valisi Məhəmməd Əmin paşanın yazmış olduğu kağızla bərabər verdim. Maarifi-ümumiyyə naziri Ədhəm paşaya Tiflisdəki Osmanlı konsulu Pərtöv əfəndinin məktubunu çatdırıb, bir nüsxə “Təmsilat” və əlifbanın hərflərini bağışladım. Ticarət naziri Səfvət paşa cənablarına bir nüsxə “Təmsilat” və “Yeni əlifba” hərflərini verdim. “Təmsilat”dan bir nüsxə fərraşbaşı Hacı Əzim bəyə və bir nüsxə də polkovnik Boquslavskiyə verdim ki, Şərq dillərində kitabxanası olan bir nəfər almana çatdırsın. 1863-cü ilin 10 iyul çərşənbə günü sədr-əzəmin fərmayişi ilə məni Məcmueyi-fünun məclisində toplanan mərifət sahiblərindən bir neçə nəfərin hüzuruna çağırdılar. İstanbulda Xarici İşlər Nazirliyinin baş mütərcimi Münif əfəndi bu məclisin sədri idi. Münif əfəndidən başqa orada: birinci, Sədulla əfəndi adlı 20 yaşlı gözəl bir cavan var idi ki, o, sabiq Ərzurum valisi Əsəd paşanın oğludur. İkinci, Qədri bəy, üçüncü, ermənilərdən Avanes bəy, dördüncü, rumlulardan, yəni yunanlılardan Aleksandr bəy, beşinci, adını bilmədiyim bir nəfər fransız da hazır idilər. Hamı müsəlman dillərini və fransızcanı bilirdi. Mən yeni əlifbanın düzgün iş və lüzumlu tədbir olması barədə istənilən dəlilləri söylədim. Hamı mənim sözlərimi bir səslə təsdiq edib dedilər ki: “Biz də bir neçə il bundan əvvəl islam əlifbasının yarıtmazlığını başa düşüb, onun hərflərini Avropa əhalisinin işlətdiyi əlifba üslubu əsasında dəyişdirib, bitişməyən hərflərdən ibarət bir əlifba düzəltdik. Lakin onu yüksək olan dövlətimizə təqdim etməyə cəsarət etmədik”. Mən dedim: “Bitişməz hərflər köhnə islam əlifbasından tamamilə fərqlənir. Şübhəsiz ki, xalq kütlələri bitişməz hərflərin tətbiqindən qorxuya düşər və Qurani-şərifi bitişməz hərflərlə yazmaq olmaz. Bundan başqa kəlmələr həddindən artıq uzun yer tutar və onlar sağdan-sola yazıldıqda çox yavaş yazıla bilərlər. Lakin mənim yeni əlifbamda hər cür dəyişiklik əski hərflər əsasında qurulmuşdur və köhnə hərflərdən tamamilə fərqlənən bir şəkil belə buraya daxil edilməmişdir. Onun yazılış üsulu da köhnə əlifbanın yazılış üsuluna tamamilə uyğundur. Buna görə də xalqı qorxuya salmaz”. Hamı mənim sözümü qəbul etdi. Bu danışıqdan sonra məclisdəkilərdən biri olan rumlu Aleksandr bəy dedi: “Türk və fars dillərinin doğrudan da eraba (saitlərə) ehtiyacı vardır. Lakin özünəməxsus sərf və nəhvə, vəznlərə malik olan ərəb dilində saitlərin yazılışına heç bir ehtiyac yoxdur”. Bu etirazın müqabilində mən ərəbcə bir sətir hərəkəsiz yazı yazıb, ona verdim və dedim: “Siz ərəbcə bilirsiniz və buradakı kəlmələrin sərf və nəhvi də sizə məlumdur. Ərəb dilində hərəkəsiz yazdığım bu bir sətri oxuyun!..” O, oxumağa başladı. Lakin bir kəlməsini düzgün oxuya bilmədi. Bu zaman mən dedim: “Sənin sözünün əsassızlığının sübutu budur ki, sərf və nəhv və habelə vəznləri bilmək bu bir sətri oxumaq işində sənə kömək etmədi”. Cavab verdi: “Mənim sözümün doğru olmadığı bununla sübut edilə bilməz. Oxuya bilməməyim ancaq onu göstərir ki, mən ərəb dilinin sərf və nəhvini və vəznlərini yaxşı bilmirəm”. Mənim ovqatım təlx oldu. Lakin özümü nalayiq hərəkətdən saxladım və bu Aleksandr bəyin cahilliyinə və nadanlığına heyrət edərək, susmağı məsləhət bildim. Məclisin müzakirəsi başa çatdı. Məclis üzvləri qərara aldılar ki, bu, əlifbanın ümumi faydası tamamilə göz önündədir, söz verdilər ki, biz anlayıb-bildiklərimiz haqqında bir bəyanat yazıb, sədr-əzəmə təqdim edəcəyik. Mən dedim: “Yeni əlifba haqqında sizdə yaxşı fikirmi, yoxsa pis fikirmi əmələ gəldi?”. Dedilər: “Xeyr, necə yəni pis fikir? Pis fikir ola bilməz. Əksinə, biz yaxşı fikrə gəldik”. Dedim: “Ümid edirəm ki, onun ərəb dili üçün də vacib olduğunu qeyd edəcəksiniz”. Mənim bu fikrimə kifayətləndirici cavab vermədilər. Məclisin sədri Münif əfəndi dedi: “Möhlət verin, siz gedəndən sonra öz aramızda da bu məsələni götür-qoy edək!”. Qədri bəy dedi: “Yaxşı olmazmı ki, bir daha iclas edək?”. Mən bir söz demədim və ikinci iclasın çağırılmasına meyl göstərmədim. Məclisdə əyləşən cənablar mənim haqqımda lazım olan hörmət və ehtiramı yerinə yetirdilər. Hətta, mənə bir cild kitab da bağışladılar. Ancaq bilmirəm nədir. Mənzilə qayıtdıqdan sonra fikrim özümdə deyildi. Ona görə də kitabı oxumağa meyl göstərmədim. Onu düşünürdüm ki, nadan Aleksandr bəyin mənasız etirazını hansı dəlillərlə puça çıxara bilərəm. Bu zaman hatifi-qeybi qəlbimə bir dəlil ilham etdi. Həmən saat qaralamasını yazıb, katibimə verdim ki, üzünü köçürsün. Sonra onu zərfin içinə qoyub bağladım və hamin günün səhəri, dünənki məclisin sədri Münif əfəndiyə göndərdim. Cavabı mənə çatdıqdan sonra sakit oldum. Çünki hərifə necə ki, lazım idi qələbə çalmışdım. * * * 1863-cü il avqust ayının 4-də İstanbulda Münif əfəndinin tapşırığı ilə sədr-əzəm Fuad paşanın yanına getdim. Sədr-əzəm hələ hərəmxanadan çıxmamışdı. Kəhya bəyin otağında oturdum. Lakin Kəhya bəydən o qədər də səmimiyyət görmədim. Bunun səbəbi də zənnimcə “Kuryer de Oryan” qəzetinin yazdıqları idi. Bir saatdan sonra Şahin bəy gəlib mənə dedi: “Sədr-əzəm eşik otaqdadır, onun yanına get!”. Qalxıb getdim. Sədr-əzəm məni görən kimi ayağa qalxdı və özü oturduğu yerdən yuxarıda mənə yer göstərdi. Əyləşdim. Lazım olan rəsmi təvazökarlığı yerinə yetirdi. Lakin sədr-əzəmin hərəkətlərində də onun birinci görüş günündə mənə göstərdiyi səmimiyyəti duymadım. Görünür ki, bunun da səbəbi yenə “Kuryer de Oryan”ın yazdıqları idi. Sədr-əzəm əvvəlcə əhval soruşdu. Təşəkkür və dua etdim. Bir qədərdən sonra dedi: “Sizin əlifbaya Məcmueyi-ülum iclasında baxmışlar. Çox bəyənib tərif etmişlər. İnşallah, dövlət tərəfindən də təqdir olunar, yəni qədri bilinər. Çox faydalı bir əsər və yadigardır”. Mən ərz etdim ki: “Pak Allah həzrətləri həzrətinizin ömrünü və dövlətini artıq eləsin ki, cənabınızın sədrlik dövründən islam xalqları üçün belə bir faydalı yadigar qalacaqdır. Hal-hazırda islam xalqlarının tərəqqisi üçün əlifbadan əhəmiyyətli və lazımlı bir şey yoxdur. Köhnə əlifba elmləri öyrənmək qapısını bütün xalqın üzünə bağlamışdır. Yalnız əyanlar və sərvət sahibləri savad əldə etməyə qadirdir ki, o da çox çətinliklə müyəssər olur”. Sədr-əzəm dedi: “Doğrudur!” Lakin onun danışığında və simasında birinci görüş günündə olan səmimiyyət görünmürdü. Sonra mən dedim: “Sərkar Qrandukdan iki aylıq icazə almışam, vaxtım bitmişdir, xahiş edirəm ki, əlifba haqqında söylədiyiniz bu məsələlər barədə, lütfən, tapşırıq verəsiniz ki, mənə bir yazılı sənəd versinlər ki, vətənə qayıtdıqdan sonra mənim fəxr etməyimə bais olsun”. O dedi: “Çox yaxşı, bir neçə gündən sonra belə bir məktub yazılar və dövlət tərəfindən də sizə bir şey, bir nişanə yetişər”. Mən təşəkkür və dua edib dedim: “Əgər sədr-əzəm əfəndiniz məsləhət bilərsə, əlifbadan daha bir nüsxə hüzurunuza təqdim edim ki, məktubunuzla bərabər Misir valisi İsmayıl paşaya göndərəsiniz”. Dedi: “Çox yaxşı olar”. Dərhal əlifba haqqında kitabdan bir nüsxə və “Təmsilat”dan iki nüsxə verib ayağa qalxdım və baş əydim. Sədr-əzəm də ayağa qalxdı. Dua və təşəkkürlər edib, mürəxxəs oldum. Hələ onu qeyd etməmişəm ki, bu məclisdə də qəhvə və çubuq verdilər. Əlifba haqqında bunu da demişəm ki: “Yeni əlifbanın tətbiqi ilə sərf və nəhvi atmaq heç də lazım deyildir. Necə ki, firənglərin saitli əlifbası olmaqla bərabər, dillərində sərf və nəhv də vardır. Doğrudur, sərf və nəhv oxunuşda lazım olmur. Ancaq o, inşa üçün lazımlıdır. Belə ki, əgər bir nəfər yazsa (Məsciddən çıxdım, bazara sarı getdim), əgər nəhvi bilməzsə, ya “xərəctə”, ya da “xərəcti” yazacaqdır. Həmin gün İstanbula Münif əfəndinin yanına getdim və əhvalatı xəbər verdim. O dedi: “Çox yaxşı olmuşdur”. Bir-iki gündən sonra sədrəzəmin möhrdarı Şövqi bəyi görüb, ondan cavab almaq lazımdır. Səfər ayının on ikisində çərşənbə günü yenə də əlifba haqqında Məcmueyi-fünun məclisində çoxlu adamlar toplanıb iclas etmişlər. Məclis rəisi Münif əfəndi belə söylədi: – Keyfiyyəti üç məsələyə bölüb müzakirə etdik. Birinci, bizim qədim əlifbanın qüsuru var, ya yox? Məclis üzvləri bir səslə dedilər ki, qüsuru vardır. İkinci, bu qüsuru aradan qaldırmaq üçün Mirzə Fətəli Axundzadənin yazıb düzəltdiyi yol lazım və yararlıdır, ya başqa bir yol aramaq lazım gəlir? Bəziləri dedilər: – Axundzadə yaxşı yol tapıbdır, onu qəbul edək. Bir parası da dedilər: – Xeyr, Axundzadənin yolundan yaxşı bir yol tapmaq olar. İki nəfər də dedi ki, qüsuru aradan qaldırmağı biz yalnız türk və fars dillərində cayiz bilirik, çünki ərəb dilinin təkmilləşməyə ehtiyacı yoxdur. Ona görə ki, ərəb dilinin sərf, nəhv və vəznləri vardır, xəttinin təkmilləşməyə ehtiyacı yoxdur. Ərəb dilində vəznlərin köməyi ilə cümlələri düzgün oxumaq olar. Bu iki nəfərdən biri Rum tayfasından, yəni yunanlı Aleksandr əfəndi və o birisi alman idi. Bu vaxt məclisin üzvlərindən sağlam zehnə malik olan bir alim, təəssüf ki, adını bilmirəm, bu iki axmağın iddiası müqabilində heç bir rədd cavabı verməyib, yalnız söylədi ki, ehtimal ki, bu həzəratın sözləri doğru olsun. Biz onu bu saat görə bilərik. Otağın taxçasından məclisə bir ərəb kitabı gətirin, verək bu ağalar onun bir səhifəsini oxusunlar, əgər düzgün oxusalar, onda bilərik ki, haqq buyurublar. Məclisin bütün üzvləri güldülər və bildilər ki, o düşüncəli və təmiz niyyətli alim tərəfindən müddəini bu cür sakit etmək bütün dəlillərdən daha təsirlidir. Üçüncüsü, əgər əlifbanı təkmilləşdirməni, ya Axundzadənin təklif etdiyi yolla və ya yenidən tapılacaq yolla, vacib hesab ediriksə, millət arasında onun icrası necə olmalıdır? Sabiq xətti birdəfəlik və ani surətdə tərk etmək olmaz. Yeni xətt tədriclə millət arasında yayılmalıdır. Məsələn, dövlət tərəfindən hökm verilər ki, yeni xətti məktəblərdə öyrənsinlər, qəzetlərdə də çap olunar, dövlət ona kömək edər, dövlətin himayəsi altında bir nəfər və ya bir müəssisə yeni xətti yaymağı öhdəsinə götürər, çapxana açar, bir sıra münasib kitabları yeni xətlə çap edər. İstanbul qəzetlərindən birini də həmişə yeni xətlə nəşr edər. Neçə il keçdikdən sonra xalq yeni xətlə tanış olduqda qədim xətt özözünə aradan gedər. Münif əfəndi dedi ki, bu müzakirəni mən yazılı surətdə söyləyəcəyəm və üzünü yazıb gələn çərşənbə günü məclisin üzvlərinə verəcəyəm ki, hər birisi öz rəyini yazıb qol çəksin, sonra o müzakirənin keyfiyyətini cənab sədr-əzəmə təqdim edəcəyəm. * * * Əli xana [Firdovsinin Mirzə Mustafaya məxsus olan “Şahnamə”nin birinci vərəqinin dalında Mirzə Fətəli İran konsulu Əli xana yazmışdır] Mənim əziz ağam, səadətiniz daimi olsun! “Əgər pak Allahdan qorxmazsam, qarşımda Kavusla bir ovuc torpaq arasında fərq olmaz”. Əgər mən Etizadüssəltənənin bizdən inciməsindən qorxmasaydım və ya bilsəydim ki, Etizadüssəltənə bu zarafatdan inciməz və ya yəqin etsəydim ki, bu zarafat Etizadüssəltənədən gizli qala biləcəkdir, o zaman, bu misraları Məşədi Kazıma göndərərdim ki, Əliağa cənablarına çatdırsın. Hər halda misraları saxlayacağam, görüm əlifbadan nə xəbər çıxacaqdır. Fərqi yoxdur, istər ümidverici xəbər, istərsə də məyusedici xəbər olsun, hər halda mənim zənnimcə onları göndərmək mümkündür. Həm də bu iş məzəsiz olmaz. * * * Dünən Rey paytaxtından araq düşkünü miskin bir qoca gəldi. Nəcabətdə əllafın nəvəsi, axmaqlıqda Həbənnəqədən də artıq idi. Dedi: – Dövlət tərəfindən Fransaya məmuram. Yaradan Allaha and olsun ki, bu xəbər məni yandırdı. Əliağa, həyəcanı dəf etmək üçün mənə bir içim su ver! Bu axmaq qalxdı ki, ayüzlü gürcü qızını öpsün. Dərhal arağın təsirindən onu qusmaq tutdu. Taqəti gəldikcə, ağzından............. O, xaçpərəst qızın üzünə.............. Təsadüfən özü də yağlı bozbaş yemişdi. Qız dərhal ayağa qalxıb dedi: – Sənə yüz dəfə Allahın lənəti olsun! Tiflisdən ayaqyalın getdi. Müxtəsər, türkcə desəm, çılpaq getdi. Dedi: – Mən soyuqdan qorxmuram. İndi mənə nə bürüncək lazımdır, nə də kürk. Ey Əliağa, nə qədər səvab olar ki, ona bir arxalıq göndərəsən. Qafiyə qıtlığıdır, yoxsa mən ona daha layiqincə tərif yazardım... Aligövhər cavanın tərifi əsasında, zövqümüzün uyğunluğu üzündən cənabınıza görüb-görüşmədən məhəbbət bəsləyib bu misraları da könlünüzü açmaq üçün sizə türkcə əsərlərimin bir cildi ilə bərabər göndərərək, əziz görüşümüzün arzusu ilə yaşayıram. Sizə ixlası olan Mirzə Fətəli * * * Mirzə Əbdülvahab xana Naibül-vəzarə Mirzə Əbdülvahab xan cənablarına Mirzə Fətəli tərəfindən yazılmış məktubun surəti Şəniyüksək və əzəmətli ağam, səadətiniz daimi olsun! Tiflisə qayıtdıqdan sonra cəlal sahibi olan cənabınızla görüşümün təfsilatını müqərrəbül-xaqan Mirzə Yusif xan cənablarına nəql etdim və sizin çoxlu salamınızı ona yetirdim. Mənə göstərdiyiniz məhəbbət və mehribanlığın dərəcəsini ona söylədim. Sizin farsca və ərəbcə elmlərdə, şeir sənətində, tarix sahəsində dərin məlumat sahibi olduğunuzdan vəcdə gəlib valeh olduğumu, söhbətinizdəki şirinliyi, kəlamınızdakı fəsahəti, rəftarınızdakı səmimiliyi və sevimliliyi ona bəyan etdim. O mənim dediklərimi təsdiq etdikcə, mən daha artıq tərif edirdim. Hələ indi də sizinlə görüşümün xəyalı ilə gecələri gündüzə, gündüzləri gecəyə çatdırıram. Sizinlə bir yerdə olduğum saatları xatırladıqca mənəvi ləzzət alıram və yəqin ki, hələ bir müddət də bu ləzzətlə yaşayacağam. Müqərrəbül-xaqan Mirzə Yusif xana cəlal sahibi olan Cənabınızın “Kəmalüddövlə” kitabını görmək istədiyinizi söylədim. Soruşdu: “O haradan bilmişdir?” Dedim: “Mələksifət və mücəssəm ruh Hacı Şeyx Möhsüm xan xəbər vermişdir!”. Könül mülkümü məhəbbəti ilə fəth etdiyinə görə hərçənd ki, mən bu dünyada onun gözlərindən öpmək arzusundayam, lakin axirətdə ətəyindən tutub şikayət edəcəyəm ki, mənim barəmdə böyük böhtan söyləmiş və mən yazığı bu əsərin müəllifi kimi qələmə vermişdir. Bir halda ki, əsərin müəllifləri olan Hindistan şahzadəsi İqbalüddövlə Övrəng-Zib oğlu və İran şahzadəsi Şücaüddövlə Zillü-Sultan Əlişah oğlu, hər ikisi oturmuşlar Bağdadda və bir-birilə mehriban dost və həmməclisdirlər. Əgər onlar adlarını dəyişərək, biri adını Kəmalüddövlə, digəri isə Cəlalüddövlə qoymuşsa, burada mənim günahım nədir? Siz özünüz insafla deyin! Peşkəş sözünü şərh etməkdə və onun mənasını açıb söyləməkdə Xarici İşlər nazirinin təqsiri nə idi ki, nazirlər bu məsələdə onu müqəssir hesab etdilər? Bir halda ki, mən indi bilirəm ki, bu söz hansı açıqfikirli alimin xəyalatının nəticəsi imiş, vəzir isə bundan xəbərsiz idi. Bu kitab barədə mənim də təqsirim ondan ibarətdir ki, mən onu tənqid etmək üçün farscadan türkcəyə tərcümə etmişəm və inşallah ona tənqid də yazacağam. Mənim türkcə tərcüməmdən isə, bilmirəm kim onu yenidən əslində olduğu fars dilinə tərcümə etmişdir. Hər halda, Mirzə Yusif xan o əsəri sizə göndərməyi əsirgəmir. Lakin bir neçə şərt düşünmüşdür ki, həmin şərtlərə riayət olunarsa, əsəri göndərəcəkdir. Onun bu xüsusdakı fikri isə düzgündür. Bir də ki, mən öz böyük atam Lələbaşını özümdən incik salmışam. Özüm də günahımı etiraf edirəm. Özümü valideynini incitmiş övlad hesab edirəm. Nə edim ki, ox kamandan çıxmışdır. İndi isə, barışıb üzr istəmək üçün fikir-xəyalımı bir vasitə axtarmaq yolunda işə salıram. Ancaq belə bir vasitə tapa bilmirəm və aciz qalmışam. Sizin incəliyi sezən fikriniz və həssas zehniniz bu xüsusda bir əlac taparsa, yaxşı olar. Sonra, əgər mənim ixlasımı bildirən bu məktubuma cavab yazmaq meylində olsanız, “Kəmalüddövlə”ni oxuyub qurtarıncaya qədər təxirə salın. Çünki mən güman edirəm ki, ondan sonra daha cavab yazmazsınız. Çünki mən yazıq hazırda sizin məhəbbət kanı olan könül bağçasında tutduğum bir guşəni həmin əsəri oxuduqdan sonra da saxlaya biləcəyimə xatircəm deyiləm. 1283-cü il məhərrəmül-həramın son- larında [1866] Tiflisdə cəlal sahibi olan cənabınıza ixlas bəsləyən Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı. * * * Şərtnamə Bu şərtnaməni yazmaqdan məqsəd odur ki, hicri 1283-cü ildə (1866-1867) mayor Mirzə Fətəli Axundzadə “Kəmalüddövlə” adlı türk (Azərbaycan) dilində bir kitab yazmış, orada bəzi fars şeirləri və ərəbcə bir sıra ayələr, hədislər və misallar gətirmişdir. Həmin kitab müqərrəbül-xaqan, ikinci sərtib Mirzə Yusif xan və müəllifin öz köməyi ilə fars dilinə tərcümə olunmuşdur. Avropa xalqlarının mövcud qanunlarına görə, hər bir əsərin çap edilməsi hüququ müəllifin özünə məxsusdur. Lakin, burada, müəllif tam könüllü olaraq, şüurlu surətdə özünün bu hüququnu bundan sonra əsərin üzünü köçürən ləqəbi ilə göstərilən müqərrəbül-xaqan Mirzə Yusif xana aşağıdakı şərtlərlə verir: Əsərin üzünü köçürənin bu əsəri öz xərci ilə hər yerdə – İran xalqı və bütün Asiyanın farsca danışan əhalisi üçün fars dilində və Osmanlı xalqı üçün türk dilində çap etdirməyə ixtiyarı vardır. Hər hansı bir dildə hər dəfə on min nüsxədən az olmayaraq, çap olunduqda kitabın 20-ci çapına qədər çap xərcləri və kitabsatanların əmək haqqı çıxıldıqdan sonra ələ gəlməsi ehtimal olunan gəlirin yarısını, kitabın üzünü köçürən, müəllifə verməli və əgər müəllif ölərsə, onun varisinə çatdırmalıdır. 20-ci çapdan, yəni həmin əsərdən 200 min nüsxə çap edildikdən sonra bu əsərin bütün dillərdə çap edilmək hüququ, şəriksiz olaraq, əsərin üzünü köçürənə və ya onun varisinə məxsusdur. Bu əsərin çap olunacağı mətbəənin sahibi qüdrətli Fransa dövlətinin təbəəsi olmalı və onunla müəllif Mirzə Fətəli Axundzadə və əsərin üzünü köçürən müqərrəbül-xaqan Mirzə Yusif xan arasında belə bir şərt qoyulmalıdır ki, əgər Osmanlı, Misir və ya İran ərazisində bir nəfər qəsbkarlıqla, göstərilən iki dildən birində bu əsəri çap etməyə iqdam edərsə, o zaman mətbəə sahibi öz dövlətinin konsulları vasitəsilə, mövcud qanunlara əsasən, qəsbkarı məhkəməyə cəlb edib, haqqında qanuni cəza hökmünü icra etdirsin. Bu şərtnamənin surəti Paris məhkəmələrindən birinin imzası və möhürü ilə təsdiq olunub, müəllifə göndərilməlidir ki, onun əlində sənəd olsun. Bundan başqa, həmin şərtnaməyə əsasən, əsərin üzünü köçürən, bu əsər barədə başqa şəxslərlə bağlamış olduğu hər bir şərtnaməni və ya başqa bir sənədi yenə də müəllifin və özünün adından şərikli bağlamalı və onun surətini də imzalanmış və möhürlənmiş halda müəllifə göndərməlidir. Qüdrətli Fransa dövlətinin təbəəsi olan mətbəə sahibi öz adını farsca, türkçə və fransızca çap olunan kitabların sonunda, ya əvvəlində çap edib, bildirməlidir ki, bu əsər ona Hindistandan göndərilmişdir və onu icazəsiz çap etdirmək ixtiyarı heç kəsə verilmir, əks təqdirdə, müqəssir məsuliyyətə cəlb olunacaqdır. Başqasının əsərini çap etdirməyin qadağan olması barədə xüsusi qanunun mövcud olmasından xəbərsiz olan müsəlmanları həmin əsəri icazəsiz çap etməkdən ancaq bu kimi elanlar vasitəsilə çəkindirmək olar. Mətbəə sahibi olan həmən fransızın Osmanlı, Misir və İran ölkələrində xüsusi kitabsatanları olmalıdır ki, kitabı bildiyi vasitələrlə onlara göndərsin və onlar kitabın göndərilən nüsxələrini satdıqdan sonra öz əmək haqlarını çıxıb, pulun qalanını mətbəə sahibinə çatdırsınlar ki, o da imzaladığı şərtnamə əsasında həmən məbləğin yarısını müəllifə və əsərin üzünü köçürənə versin. Həm də kitabsatanların bu əsəri icazəsiz çap edənlər üzərində ciddi nəzarəti olmalıdır ki, icazəsiz nəşr məsələsi kəşf olunduqda dərhal mətbəə sahibinə xəbər versinlər. Həmən fransız adam farsca çap olunan bu kitabları Əfqanıstana, Hindistana, Bəlucistana, Xorasana və əhalisi farsca oxuyub başa düşən və Fransa dövlətinin əlaqəsi olan hər bir yerə göndərib satdırmalıdır. Bu cəhətdən təkcə Rusiya dövləti ərazisi müstəsna tutulur ki, buraya bu kitabdan əsla göndərilməməlidir. Həmən fransızın özünün belə əmin adam olması barədə hər vasitə ilə olursa olsun əsərin üzünü köçürən zəmanət əldə etməli və həmən zəmanətnamənin imzalanıb, möhürlənmiş surətini müəllifə verməlidir. Həmin fransız kitabın başlanğıcında aydın bir surətdə yazmalıdır ki, həmin nüsxə kitabın neçənci çapına məxsusdur. Əgər bir nəfər bu əsəri ərəbcəyə və ya Avropa dillərindən birinə tərcümə etmək istərsə, əsərin üzünü köçürənə ixtiyar verilir ki, bu işə məsləhət bildiyi qiymət və şərtlərlə icazə versin və bu yol ilə əldə etdiyi gəlirin yarısını onunla mütərcim arasında bağlanmış sənədin imzalanıb möhürlənmiş surəti ilə bərabər müəllifə göndərsin. Hər kitabın əvvəlində onun satış qiyməti sözlə yazılmalıdır. Ciddi diqqət yetirmək lazımdır ki, kitablar gözəl və oxunan xətlə çap olunsun və onlarda səhvlərə, artıq-əskiyə yol verilməsin. Kitabın nüsxələrindən heç birisində müəllifin və əsərin üzünü köçürənin adı çap edilməməlidir. Lakin əsərin üzünü köçürənin öz dostlarından birinə yazmış olduğu məktubdan iki, ya üç şərt atıldıqdan sonra hər bir nüsxənin sonuna əlavə olunmalıdır ki, əsərin yazılmasının səbəbləri məlum olsun. Bu məktubda isə müəllifin adı əvəzinə Kəmalüddövlə və əsərin üzünü köçürənin adı yerinə həmin mətbəə sahibi fransızın adı yazılmalıdır və belə göstərilməlidir ki, guya bu məktubu həmin fransız adam dostlarından birinə yazmış və Kəmalüddövlənin məqsədini ifadə etmişdir. Əsərin üzünü köçürən, bu əsərin çap edilməsi hüququnu nə qiymətə olursa olsun, başqa adama satmaq ixtiyarına malik deyildir. Bu şərtnamə müəllifin və əsərin üzünü köçürənin tərəfindən imzalanıb möhürlənməli və iki nəfər etibarlı şəxsin şahidliyi ilə təsdiq edilib, onların arasında mübadilə olunmalıdır. İkinci sərtib Mirzə Yusif xan Mayor Mirzə Fətəli Axundzadə Titulyar müşavir Molla Hüseyn Qayibov * * * Şərtnamə Birinci. Mən, aşağıda bunu imza edən Mirzə Fətəli Axundzadə, Hindistan şahzadəsi monqol Kəmaluddövlənin məktubları adlı bir farsca kitabın sahibi, həmin kitabı həqiqi mülki müşavir şərqşünas Adolf Petroviç Berjenin köməyi ilə rus dilinə tərcümə etmişəm. Təsdiq edirəm ki, cənab Berjenin də ixtiyarı vardır ki, həmin kitabı onun ruscaya tərcüməsindən ya da fars mətnindən firəng, alman və ingilis dillərinə tərcümə etsin. Sonra o, bu dörd tərcümənin nəşrini münasib bildiyi qiymətlə hər hansı kitab satıcısının öhdəsinə buraxa bilər və bu dörd tərcümənin bütün nəşrlərinin satılmasından alacağı pullar ikimizin arasında tən yarı bölünməlidir, bir şərtlə ki, Berje kitab satıcısı ilə öz arasında olan müqaviləni mənə göstərsin. Tərcümələrin nəşri təkrar edilərsə, yenə hər nəşrdən alınan gəlir aramızda bərabər bölünməlidir. Kitabın fars mətninin nəşrinə gəldikdə, bunun da ixtiyarını mən, vəd etdiyi yaxşılıq üçün səmimi minnətdarlıq əlaməti olaraq, cənab Berjeyə verirəm. Və əgər vəd etdiyi ixlas, onun bütün səyinə rəğmən, hər hansı bir səbəb üzündən imkan xaricində olarsa, yenə də məzkur kitabın fars mətninin nəşrindən alınan gəlir aramızda bərabər bölünməlidir. Tərcümələr və əsas mətn çapdan çıxanda cənab Berje onların hər birindən mənə 10 nüsxə iltifat etməlidir. Mən ölərsəm, həmin şərtnamənin birinci bəndindəki mənə şamil ixtiyarat qanuni varisimə keçir. İkinci. Mən, aşağıda imza edən həqiqi mülki müşavir Adolf Berje birinci bənddəki şərtlərlə tamamilə razıyam və buradakı bütün təkliflərin büsbütün və qeyd-şərtsiz həyata keçirilməsi üçün səy göstərməyi öhdəmə götürürəm. Üçüncü. Bu şərtnamə bütün qanuni formaya riayət olunmaqla iki nüsxə yazılmışdır ki, bunlardan biri Axundzadədə, digəri isə Berjedə saxlanır. Berejenin rəyi Cənab polkovnik Mirzə Fətəli Axundzadəyə bəslədiyim ən səmimi dostluq hisslərinin ifadəsi və onun şərəfli əməyinə hörmət əlaməti olaraq, bu tərcümə işində və kitabını çap etdirməkdə ona imkanım daxilində hər cür kömək etməyə hazıram, hazıram bu işdən alınacaq gəlirin nəinki payıma düşəcək yarısından, hətta hər cür maddi mükafatdan da imtina edəm. Avropalılar kimi, müsəlmanlar özləri də bu kitabı oxuyanda onlar üçün bu vaxta qədər qaranlıq qalmış islamiyyət haqqında aydın məlumat ala biləcəklər. * * * Nikolay İvanoviç Baranovskiyə Qafqaz canişinliyi baş idarəsi departamentinin tərcüməçisi mayor M.F.Axundzadənın yazılı məruzəsi Sentyabr 1868-ci il Baş idarə departamentinin direktoru, həqiqi dövlət müşaviri və kavaler Nikolay İvanoviç Baranovski cənablarına Şərq dillərini öyrənmək işinə mane olan islam əlifbasının çətinliyi bir neçə il bundan əvvəl məndə həmin islam əlifbasını dəyişdirmək, ona sait hərflər əlavə etmək və nöqtələri atmaq yolu ilə yeni bir əlifba layihəsi tərtib etmək həvəsini yaratdı. Mənim bu layihəm birinci dəfə onu təqdim etdiyim S.Peterburq şəhərindəki bizim məşhur akademik Dorn tərəfindən təqdir edildi. Sonra 1863-cü ilin 23 aprelində mən valahəzrət böyük knyaz Qafqaz canişinindən icazə alaraq, idarə rəisi Kruzenşternin Konstantinopoldakı səlahiyyətli nazir və imperator elçisinə valahəzrət canişinin əmrilə yazdığı tövsiyənamə ilə oraya yola düşdüm. Mən səfirimiz vasitəsilə Türkiyə sədr-əzəmi Fuad Paşa ilə görüşdüm və onun göstərişi ilə mənim layihəm Türkiyə Elmlər Akademiyasına mütaliə üçün təqdim edildi. Həmin müəssisə üç iclasında bu layihəyə ətraflı surətdə baxdıqdan sonra, onu məqsədəuyğun və hər cəhətdən tərifəlayiq bir layihə hesab etdi. Sonra onu Osmanlı imperatorluğunda çıxan aylıq bir məcəllədə çap etdirdilər. Lakin həmin layihədə kitab çap etmək üçün əlverişli olmayan bəzi cəhətləri dəyişdirincəyə qədər onun həyata tətbiq edilməsi işi təxirə salındı. Sonra həmin akademiyanın təklifinə əsasən mən Türkiyə hökuməti tərəfindən Məcidiyyə ordeni ilə və fərmanda mənim müsəlman xalqları ədəbiyyatının xeyrinə göstərdiyim xidmətin əhəmiyyətini qeyd etmək şərti ilə yerli fəxri ləqəblə təltif edildim. Bundan sonra mən Tiflisə qayıtdım. O zamandan bəri bu məsələ hələ də toxunulmamış qalır. İranın Konstantinopoldakı səfarətxanasında müşavir vəzifəsində çalışan, mənim layihəmdən vəcdə gələn və müsəlman əlifbasını dəyişdirmək haqqındakı fikirlərimi təqdir edən erməni zadəganlarından olan tanışımı, məşhur şərqşünas və yazıçı Melkum xan öz zövqünə əsasən yeni bir layihə tərtib etmiş, kitab çap etmək işini asanlaşdırmaq üçün çətinlik törədən maneələri tamamilə aradan qaldırmış və özünün ixtira etdiyi yeni əlifba ilə çap olunmuş bir kitabçanı son günlərdə tanış olmaq üçün mənə göndərmişdir. Doğrudur, Melkum xanın yeni əlifbası kitab çap etmək işində əngəl olan bütün maneələri doğrudan da aradan qaldırır; lakin bu əlifbanın oxunma işlərində başqa çatışmaz cəhətləri vardır. Çünki bu layihədə nöqtələr ləğv edilmədiyi kimi, sait hərflər də əlifbanın tərkibinə salınmamışdır. Hələ mən bu əlifbanın hərflər sağdan sola yazılan müsəlman yazısı üçün əlverişli olmadığı haqqında danışmıram. Bunlarla əlaqədar olaraq, mən Melkum xanın layihəsinə tənqid yazaraq, eyni zamanda, özüm kitab çap etmək üçün əlverişli olmayan cəhətləri aradan qaldırmaq şərtilə, yeni müsəlman əlifbasının daha bir layihəsini tərtib etdim. Həmin yeni əlifbanın layihəsini Melkum xanın layihəsinə yazdığım tənqid və mənim keçmiş əlifbam haqqında Türkiyə Elmlər Akademiyasının verdiyi rəyin surəti ilə birlikdə Tehrandakı Maarif Nazirliyi adlanan idarəyə təqdim etmək qərarına gəldim. Mənim bu ədəbi əsərim əvvəllər də Türkiyə Elmlər Akademiyasına mənim idarə başçılarımın icazəsi ilə təqdim olunduğuna görə, hazırda cənabınıza müraciətlə, Qafqaz canişinliyinin baş idarəsi rəisi həzrətlərindən, bu sənədləri Tehrana göndərmək üçün burada olan İran baş konsulu sərtip Əli xana təqdim etməyim üçün icazə istəməyinizi acizanə surətdə xahiş edirəm. * * * Maarif nazirinə məktub Həzrət-əşrəf, nəvvab maarif naziri Etizadüssəltənəyə! Onun ali səadəti daimi olsun! Dövləti-əliyyeyi-İranın Tiflisdəki baş konsulu Əli xan alicənab bir cavandır. Onun mənə çox məhəbbəti və hörməti vardır. Həmişə sizin gözəl sifətləriniz və yaxşı xasiyyətləriniz haqqında söhbət edir. Bu vasitə ilə də məni sizin həm fitri, həm də elmi fəzilətlərinizlə qiyabi surətdə tanış etmişdir. Ona görə də mən köhnə islam əlifbasını dəyişdirmək və yeni yazı qaydaları tətbiq etmək haqqında Maarif Nazirliyinə ərizə göndərərkən, mənim ixlasımı bildirən bu məktubla həzrət-aliyə başağrısı verməyə cəsarət etdim. Sizin əziz və yüksək nəzərinizə çatacaq mənim məruzəmin məzmunundan məqsədimin nədən ibarət olduğu və nə istədiyim sizə məlum olacaqdır. Tarixlərdə gördüyünüz kimi, hələ indiyə qədər islam ölkələrinin heç birisində Maarif Nazirliyi olmamışdır. Allaha şükür olsun ki, şövkət sahibi olan bir padşahın dövründə İran məmləkətində Maarif Nazirliyi yaranmışdır. Belə isə, əvvəllər misli görünməmiş bu nazirlik elə bir işə iqdam etməlidir ki, gələcək nəsillər də onun misilsiz olduğunu təsdiq etsinlər. İstər nəcabətinizə görə öz tay-tuşlarınızdan yüksək duran və istərsə də qüdrət və bacarığınıza görə də tac sahibi olan padşahdan sonra ölkənin ikinci adamı olan həzrət-əşrəfiniz, bu nazirliyin başında durursunuz. Sizə bu qədər mərhəmət göstərən Allaha şükür edib, borcunuzu əda etməlisiniz. Mənim fikrimcə, şükür iki cür ola bilər: birincisi, Allahın yolunda fəqirlərə yaxşılıq edib, ehsan vermək yolu ilə yaxşı əməllərə iqdam etmək; ikincisi isə, dünyanı yaradan Allahın itaət və ibadətindən qəflət etməməkdir. Birinci növ şükrün, ikinci növ şükürdən üstünlüyü hər cəhətdən təsdiq edilir. Ona görə ki, cəlal sahibi olan Allahın bəndələrin ona ibadət etməsinə ehtiyacı yoxdur. Bu növ şükür etməyi avam adamları aldadan üsuli və şeyxi məzhəblərin ruhanilərinin öhdəsinə qoyaq, həzrət-əşrəfinizin nazir olduğu dövrdə xalqın tərbiyəsi yolu ilə onun səadəti, vətənin abadlaşması və ölkənin vəziyyətinin yaxşılaşması uğrunda bir iş görülərsə, bu elə bir xeyir iş olar ki, həm Allahın xoşu gələr, həm də insanlar onu bəyənər. Həzrət-əşrəfdən xahiş edirəm ki, hər kəsdən artıq məlumatınız olan tarix səhifələrinə xəyalən müraciət edərək, görünüz, hicrətdən bu günə qədər islam şahları vətənimiz olan İrana, müsəlman şiə xalqımıza hansı yaxşılığı və ehsanı etmişlər. Onların qəfləti və səhlənkarlığı üzündən vətənimiz, sizin sənabınıza məlum olduğu kimi, ən acınacaqlı bir vəziyyətə düşmüşdür. Xalqımızın vəziyyəti isə elədir ki, onu düşündükdə insan ağlamaq istəyir. Hər il xalqımızın imamların müsibətində tutduğu təziyə həqiqətdə, insanların öz bədbəxtliyinə ağlaması deməkdir. Ölkədə dövran sürən keçmiş padşahlar yeyib, içib, geyinib ölmüşlər. Lakin əllərindən bir iş gəlməmişdir. Yəni hökmranlıqdan ancaq öz şəxsi zövqlərini oxşamaq üçün istifadə etmişlər. Gələcəkdə iş başına gələn padşahlar bu cür sələfləri nə üçün təqlid etsinlər? Onlar ölkəni idarə etmək və xalqı sevməkdə nə üçün gərək Böyük Pyotr və Böyük Fridrix kimi olmasınlar ki, sağlıqlarında xalqın sevimlisi və öldükdən sonra adları tarixin bəzəyi olsun? Bir insan üçün az müddət davam edən həyatı boyunca bundan da yüksək mənəvi ləzzət ola bilərmi? Mən xalqın elə bir üzvüyəm ki, fikrimi xalqa çatdırmaq üçün davat və qələmimdən başqa heç şeyə əlim çatmır və əlimdən gələn hər işi görmüşəm. Yəqin xalqımızın yüksək nəsəbli böyüklərindən olan cənabınız, köhnə əlifbanı dəyişmək haqqında mənim fikirlərimi diqqətlə oxuyacaqsınız və əlifbanın dəyişilməsinin nəticələrini öz gözünüzlə görəcəksiniz. Mən əminəm ki, köhnə islam əlifbasını yeni yazı ilə əvəz etmək haqqında mənim fikirlərimi həyata keçirmək yolundakı səyinizlə, məyusluq və naümidliyə hədəf olan kədərli könlümü sevindirib, minnətdarlığıma səbəb olacaqsınız. Həzrət-əşrəfdən xahiş edirəm ki, öz mübarək rəyinizi bu xüsusda yazaraq, Əli xanın vasitəsilə mənə çatdırasınız! Sizə ixlası olan Mirzə Fətəli Axundzadə 1868-ci il, sentyabr ayı, Tiflis şəhəri * * * Xarici işlər nazirliyinə məktub Xarici işlər Nazirliyinə yazılmış məktubun surəti Əlahəzrət şahənşahın, Allah onun səl- tənətini əbədi etsin, cəlal sahibi xarici işlər naziri həzrətlərinin xidmətinə Sizin yüksək nəsəbli cənabınızın zatında olan və özünüzün kəsb etdiyiniz böyük fəzilətlər, xalqa və dövlətə olan məhəbbətiniz, günahlardan uzaq olub, müqəddəsliyiniz, hələ Mirzə Yusif xanın konsul olduğu zamanlarda həmişə bizim üns və müsahibə məclislərimizi zinətləndirmiş və mənə məlum olmuşdur. Hal-hazırda dövləti-əliyyeyi-İranın Tiflisdə baş konsulu olan Əli xan alinəsəb bir cavandır və mənə çox böyük mehribanlığı və məhəbbəti vardır. O, sizi, cəlal sahibi cənabınızın mənə məlum olan bütün fəzilətlərə malik olmaqla bərabər, elmin, maarifin hamisi və rəvacvericisi, qabiliyyət və fərasət sahibi olan gənclərin atası və tərbiyəçisi kimi tanıyır və həmişə pak təbiət və pak niyyət sahibi cənabınızı tərifləyir. Əlbəttə, bütün şiə-məzhəblərə vacibdir ki, öz səadətləri xatirinə cənabınızın izzət və vəzarət məqamında səadətlə qalmağınızı beş vaxt namaz zamanı böyük xaliqin dərgahından xahiş etsinlər. Əlbəttə, gərək nazir cənablarının əziz xatirinə məlum olsun ki, on il bundan qabaq mən islam xalqlarının köhnə əlifbasını dəyişdirmək və bu əlifbanın nöqsanları haqqında bir kitabça yazıb, əvvəlcə onu dövlətiəliyyeyi-İranın Tiflisdəki keçmiş konsulu Mirzə Hüseyn xanın vasitəsi ilə Tehrana, xarici işlər nazirinə göndərmişdim. Sonra isə o kitabçanın başqa bir nüsxəsini götürüb, İstanbula getmişdim və onu Osmanlı dövlətinin başçılarının nəzərinə çatdırmışdım. Doğrudur, onlar köhnə əlifbanı dəyişdirmək haqqında mənim gətirdiyim bütün dəlilləri təsdiq etdilər. Lakin bəzi maneələri bəhanə tutaraq, əlifbanı dəyişdirməyi təxirə saldılar və o tarixdən bu günə qədər bu məsələ həll edilməmiş qalmışdır. İstanbulda görüşüb dost olduğum Melkum xan bu son zamanlarda həmən məsələni təzələmiş və özünün çap əlifbasından bir nüsxə mənə göndərmişdir. Doğrudur, Melkum xanın tərtib etdiyi çap hərfləri gözəllik nöqteyinəzərindən misilsiz idi. Ancaq, digər tərəfdən bir çox başqa qüsur və nöqsanları var idi ki, təkmilləşdirməyə möhtac idi. Bu keyfiyyəti nəzərə alaraq, mən Melkum xan əlifbasının həm yaxşılığı, həm də nöqsanları haqqında öz fikrimi yazaraq, başqa bir bəyanatla Əli xanın vasitəsilə əlahəzrət şahənşahın Xarici İşlər Nazirliyinə göndərdim ki, sizin tərəfinizdən mütaliə edildikdən sonra, Maarif Nazirliyinə təqdim edilsin. Ümid edirəm ki, sizin yüksək nəsəbli cənabınızın iştirakı olmadan baş tuta bilməyən məsləhət məclisində, sizin əziz zatınıza xas olan sağlam fikir, millətxahlıq və dövlətpərəstliyin tələbinə görə, köhnə əlifbanı dəyişdirmək haqqında fikrinizi öz həmməzhəblərinizi və həmvətənlərinizi tərbiyə məqsədilə söyləyəcək və bizi himayə etməkdən səyinizi əsirgəməyəcəksiniz. Sizə ixlası olan Mirzə Fətəli Axundzadə Sentyabr ayı, 1868-ci il, Tiflis şəhəri * * * Hacı Əli xana məktub Hacı Əli xana yazılmış məktubun surəti Yüksək nəsəbli Etimadüddövlə cənablarının xidmətinə, onun yüksək iqbalı daimi olsun! Dövləti-əliyyeyi-İranın Tiflisdəki baş konsulu Əli xan aligövhər bir cavandır və mənə son dərəcədə məhəbbəti və mehribanlığı vardır. O, həmişə cəlal sahibi cənabınızın yüksək şənini, iş bilənliyini, islampənah padşah həzrətləri hüzuruna, Allah onun səltənətini əbədi etsin, xüsusi yaxınlığını vəsf edir. Bu günlərdə mən köhnə islam yazısını dəyişdirmək barədə məruzəmi Maarif Nazirliyinə göndərərkən o mənə məsləhət bildi ki, ixlasımı bildirən bu kiçik məktubumla özümü cəlal sahibi cənabınıza tanıtdırıb, qarşıma qoyulan məsələ barədə cənabınızdan kömək və imdad təmənnasında olam. Köhnə islam əlifbası haqqında ayrıca kitabçada və həmin məruzəmdə qələmə aldığım bəyanat və onu dəyişdirməyin faydalı iş olması barədə gətirdiyim dəlillər bütün sağlam düşüncəli adamları şəkk və şübhəsiz mənimlə həmrəy edəcəkdir. Tamamilə yəqinimdir ki, bu məsələnin müzakirəsi və həlli üçün çağırılacaq müşavirə məclisi cəlal sahibi cənabınızın iştirakı olmadan qeyri-mümkündür. Ona görə də ümidim qətidir ki, insanpərvərlik, xalqsevərlik və dövlətxahlıq naminə köhnə islam yazısının dəyişdirilməsi və yeni qaydanın tətbiqi işində kömək və müsaidətinizi əsirgəməyəcəksiniz. Sizə ixlası olan Mirzə Fətəli Axundzadə 1868-ci il, sentyabr ayı, Tiflis şəhəri * * * Paşa xana yazılmış məktub Ali nəsəbli Əminül-mülk cənablarının xidmətinə, onun yüksək iqbalı daimi olsun! Dövləti-əliyyeyi-İranın Tiflis baş konsulu Əli xan aligövhər bir cavandır və mənə böyük məhəbbəti və mehribanlığı vardır. O, həmişə alinəsəbli cənabınızın yaxşı xasiyyətlərindən və gözəl hərəkətlərindən, islampənah, şövkətli padşahın, Allah onun səltənətini əbədi etsin, hüzurunda cənabınızın xüsusi məqam sahibi olmasından danışır. İndi, mənim köhnə islam əlifbasını dəyişdirib yeni yazı qaydası tətbiq etmək haqqındakı yazılı məruzəm Maarif Nazirliyinə göndərildiyi bir zamanda, o [Əli xan] mənə təlqin etdi ki, ixlasımı bildirən bu kiçik məktubla həmin məsələ barədə cənabınızdan da kömək və imdad istəyim. Yuxarıda qeyd edilən yazılı məruzədə şərh edilmiş dəlillərə görə köhnə islam əlifbasını dəyişdirmək və onda yeni qaydalar tətbiq etməyin vacibliyi sabit və aşkardır. Lakin bu məsələ, o qədər böyük bir məsələdir ki, onu həll etmək Əmr və Zeydin qüvvəsindən xaricdir. Bu məqsədə nail olmaq, yalnız islamın pənahı olan şövkət sahibi hökmdarın yüksək iradəsinə bağlıdır. Burada mən o əlahəzrətin dərgahına yaxın olan alinəsəb cənabınızdan ixlas ilə xahiş edirəm ki, öz fitri nəcabətinizin təqazası ilə, mən dərvişin xatirinə, qədəmlərinizə zəhmət verib, bu məsələni müzakirə və həll etmək üçün təşkil olunacaq müşavirə məclisində hazır olub, köhnə əlifbanı dəyişdirmək və onda yeni qayda tətbiq etmək barədə mənim bəyanatımı dinləyəsiniz və bu xüsusda alinəsəb cənabınızın fikri nə olarsa, istər maarif naziri ilə birlikdə, istərsə də başqa bir münasib mövqedə əlahəzrət şahənşahın, Allah onun dövlətini daimi etsin, ayağının torpağına ərz edəsiniz. Sizə ixlası olan Mirzə Fətəli Axundzadə 1868-ci ilin sentyabr ayı, Tiflis şəhəri * * * Paşa xana məktub Paşa xana yazılmış ikinci məktubun surəti Mənim əziz ağam, səadətiniz daimi olsun! Alinəsəb cənabınızın hüsni-niyyəti, insanpərvərliyi, xalqsevərliyi, dövlətxahlığı və vətənpərvərliyi mənə lazımınca məlum olmuşdur. Seçmə insanların ən yüksək keyfiyyətlərindən olan bu sifətlər sizin istedadlı və qabiliyyətli zatınızda alimərtəbəli feyz və ehsan mənbəyi olan mehriban padşah həzrətlərinə yaxın olmağınızın bərəkəti sayəsində vücuda gəlmişdir. Necə ki, səmavi cisimlərdən hər birisi böyük nur mənbəyinə, yəni aləmi işıqlandıran günəşə nə qədər daha yaxındırsa, onun nuru da bir o qədər artıqdır. Doğrudan da, hazırkı əsrdə bizim, Allah tərəfindən kömək alan bu padşahı, millətin tərbiyəsi və məmləkətin abadlaşdırılması işində günəşə oxşatmağa tam haqqımız vardır. Çünki günəş ona əyal və övlad yerində olan aləmlərin tərbiyəçisidir. Doğrudan da, İranın keçmiş şahlarından hansının zamanında ölkədə Maarif Nazirliyi yaranıb, darülfünun təsis olunmuşdu? Keçmiş padşahların hansının dövründə bizim atalarımız İran ölkəsində mətbəələr, teleqraf və dəmiryolu görmüşdülər? Hansı padşahın zamanında İran dövlətinin yer üzünün sultanlarından hər birinin ölkəsində vəkilləri, vəzirləri və konsulları olub, onun təbəələrinin işlərinə və ehtiyaclarına indiki kimi əncam verirdilər? Nə zaman iranlıların uşaqları müxtəlif elm sahələrində təhsil almaq üçün Avropa ölkələrinə göndərilirdi? Keçmiş hökmdarlardan hansının zamanında ölkənin mərkəzində tam azad bir surətdə qəzetlər çap olunub, dünyanın hər tərəfinə yayılırdı? Bütün bu işlər və əlamətlər onu sübut edir ki, xoştəbiətli padşahın, Allah onun ömrünü uzun eləsin, səadətli dövründə İran ən yüksək tərəqqi dərəcəsinə çatacaqdır. Biz, iranlıların xaricdə yaşayan din qardaşları isə bu fərəhləndirici xəbərləri eşitməkdən vəcdə gəlib, bir-birimizi təbrik edərək, bu duanı tərənnüm edirik: “İlahi, sən, bu fəqirləri dost tutan şahı – Ki, xalqın asayişi onun sayəsindədir, Uzun illər boyu xalqın başı üzərində var elə! Qəlbini müvəffəqiyyət və biliklə ruhlandır!” O, əlahəzrətin etimad edib, yaxın tutduğu sizlər, onun qulağı və gözü yerindəsiniz. Çalışmalısınız ki, qərəz əhli hər cür yaxşı əməlləri onun nəzərindən gizlədə bilməsin və hər cür pis əməli onun gözündə yaxşı göstərə bilməsin. Həqiqətdə, onun nurlu hüzurunun həmdəmi olan sizlərin vücudu, tac sahibindən sonra, bizim din qardaşlarımızın səadət və tərəqqisinin mənbəyidir. Məhz bu mənada mən sizin alinəsəb cənabınızdan məhrəmanə və cəsarət üzündən xahiş edirəm ki, köhnə yazı üsulunun dəyişdirilməsi barədə müzakirə aparılacaq məclisdə, əgər bəzi qərəz sahibləri haqqa göz yumaraq, doğruluq və sədaqətin ziddinə rəy söylərlərsə, siz, mətləbi öz etiqadınıza müvafiq olaraq əlahəzrət şahənşahın ayağının torpağına ərz edəsiniz. Sizə ixlası olan Mirzə Fətəli Axundzadə 1868-ci il, sentyabr ayı * * * Müstövfiyül-Məmalikə məktub Dövləti-əliyyeyi-İranın birinci şəxsi Müstövfiyul-Məmalikə yazılmış məktubun surəti Dövləti-əliyyeyi-İranın birinci şəxsi cəlal sahibi Müstövfiyül- Məmalik cənablarının xidmətinə, onun yüksək iqbalı daimi olsun! Dövləti-əliyyeyi-İranın Tiflis baş konsulu Əli xan alinəsəb bir cavandır və mənə böyük hörməti və mehribanlığı vardır. O, həmişə cəlal sahibi cənabınızın gözəl sifətləri və yüksək əxlaqını tərif etməklə üns məclislərimizə zinət bəxş edir. O, məni cənabınızın fəzilət məqamı, yüksək şəni, xalqsevərliyi və vətənpərvərliyi ilə tanış edib, mənə təlqin etdi ki, xeyirli nəticələri vəsfəgəlməz olan köhnə islam əlifbasını dəyişdirmək haqqında Maarif Nazirliyinə ayrıca ərizə göndərməklə bərabər, ixlasımı bildirən bir məktubla da özümü vəzarətpənah cənabınıza tanıtdırım. Cəlal sahibi olan cənabınızın hüzuruna ərz edirəm: Mən şiə məzhəb müsəlmanlardan biriyəm. Doğulduğum yer Azərbaycan olmuşdur. Bəzi hadisələrin baş verməsi nəticəsində əvvəlcə Meşgin və Qaradağ mahalına düşüb, sonra isə böyük Rusiya dövləti torpağına gəlib, Şəki şəhərində sakin oldum və anamın əmisi Axund Molla Ələsgərin yanında müsəlman dillərini öyrənməyə başladım. Bir müddətdən sonra isə rus dilini öyrənməyə meyl edib, onu da öyrəndim. Fars və ərəb dillərini yaxşı bildiyimdən, Qafqazdakı Rusiya sərdarlarının yanında mütərcimlik vəzifəsi ilə başım ucaldı. Hazırda Qafqaz canişini nəvvabi-əfxəm imperatorzadənin xidmətində Şərq dilləri mütərcimi vəzifəsində çalışmağımla fəxr edirəm. Qulluqda olduğum müddətdə də fitri marağıma görə təhsil və təlimdən qəflət etməyərək, bəzi maraqlı əsərlər də yazmışam ki, onlardan ən məşhuru və ən faydalısı gözəl dram fənni, yəni teatr sahəsindədir ki, onun da məqsədi və nəticəsi insanların əxlaqını islah edib yaxşılaşdırmaqdır. Bu cür əsərlər indiyə qədər müsəlmanlar arasında yaranmamışdı. Əsərlərimdən ən vaciblisi isə köhnə islam yazı qaydalarını dəyişməyə aid yazdığım kitabçadır. Başqa xalqların yazısı ilə tanışlığı olanlar yaxşı bilirlər ki, bizim əlifbamız nə qədər nöqsanlıdır və elmlər sahəsində inkişafımıza nə dərəcədə maneə törətməkdədir. Bu məsələnin təfsilatı tam aydınlığı ilə əlifba haqqındakı kitabçada və habelə indicə Maarif Nazirliyinə göndərilən ayrıca məruzəmdə yazılmışdır. Tamamilə yəqinimdir ki, bu məsələni müzakirə və həll etmək üçün müşavirə məclisi cəlal sahibi cənabınızın hüzurunda təşkil olunacaqdır. Bu münasibətlə ümidim qətidir ki, cənabınız insanpərvərliyiniz, xalqsevərliyiniz və dövlətxahlığınızın tələbinə görə əlinizdən gələn hər şeyi bu işin icrasında edəcəksiniz. Sizə ixlası olan Mirzə Fətəli Axundzadə 1868-ci il, sentyabr ayı * * * İran konsuluna məktub Dövləti-əliyyeyi-İranın konsuluna yazılmış ərizənin surəti dövləti-əliyyeyi-İranın Tiflis baş konsulu, cəlal sahibi ikinci sərtib Əli xan cənablarına onun səadəti daimi olsun! Nəvvabi-müstətabi-alinəsəb, impera- torzadə Qafqaz canişinin xidmətində Şərq dilləri mütərcimi olan mayor Mirzə Fətəli Axundzadə tərəfindən Ərizə İki həftə bundan əvvəl köhnə islam yazısını dəyişdirmək məsələsinə dair materiallar məcmuəsindən beş cildini öz ərizəmlə bərabər Ümum idarənin departament direktoru cənab rüfətməab general Baranovskiyə təqdim edib, xahiş etmişdim ki, Qafqaz Ümum idarəsinin rəisi, yüksəkşənli cənab stats-sekretar baron Nikolaidən icazə istəsin ki, mən həmin cildləri darül-xilafeyi-Tehranda Maarif Nazirliyinə göndərmək üçün sizin yüksək məqamlı cənabınıza təqdim edim. İndi general Baranovski vasitəsilə mənim ərizəm barədə əzəmətli barondan aşağıdakı məzmunda cavab sadir olmuşdur: “Mayor Axundova icazə verilir ki, köhnə islam xəttini dəyişdirmək haqqındakı material məcmuələrini lazım olan yerə göndərmək üçün İran dövlətinin baş konsuluna versin”. İndi mən həmin kitabçaları yüksəkməqamlı cənabınıza təqdim edib, xahiş edirəm ki, vəd etdiyiniz kimi, lütfən tapşırasınız ki, əvvəlcə həmin material məcmuəsi cildlərini əlifba məsələsi barədə mənim tərəfimdən dövləti-əliyyeyi-İran əmirlərindən bəzilərinə yazılmış yeddi məktubla birlikdə adbaad konsulxana dəftərində qeydə alıb, sonra onları Tehrana göndərsinlər. Orada isə yüksək məqamlı cənabınızın vəkili dəftər üzündən onları Maarif Nazirliyinə və əmirlərə çatdırıb, həm nazirlikdən, həm də əmirlərdən möhürlənmiş vüsul qəbzi alıb Tiflisə göndərsin. Material məcmuəsində aşağıdakı sənədlər vardır: №1. Mirzə Fətəli Axundzadənin əlahəzrət şahənşah, Allah onun səltənətini əbədi etsin, Maarif Nazirliyinə məruzəsi. №2. Mirzə Fətəli Axundzadənin islam əlifbası haqqında məruzəsi. №3. Mirzə Fətəli Axundzadənin köhnə islam əlifbası haqqında Osmanlı Cəmiyyəti-elmiyyəsinin çap olunmuş qərarının surəti; bu məsələ ilə əlaqədar olaraq, müəllifə verilmiş əlahəzrət Osmanlı padşahı fərmanının surəti. İslam yazı üsulunun dəyişdirilməsinin şəriətə əsasən yol verilməsi bir iş olması barədə müəllif tərəfindən Osmanlı Cəmiyyəti-elmiyyəsinə təqdim olunmuş izahatın surəti. Bu sənəd orada alimlər tərəfindən müzakirə olunmuş və onlar izahatda göstərilən dəlillərə əsasən, köhnə islam yazı qaydalarının dəyişilməsini nurlu şəriətə müxalif bilməmişlər. №4. Mirzə Fətəli Axundzadənin islam əlifbası barədə sabiq layihəsi. №5. Melkum xanın islam əlifbası haqqında yeni layihəsi. Məktublar bunlardır: №6. Maarif naziri nəvvabi-müstətab Etizaddüs-səltənəyə. №7. Yüksək məqam sahibi xarici işlər naziri cənablarına. №8. Şəniyüksək birinci şəxs Müstövfiyül-məmalik cənablarına. №9. Yüksəkməqamlı Əminül-mülk Paşa xan cənablarına. №10. Yenə də ona. №11. Yüksəkməqamlı Etimadüddövlə Hacı Əlixan cənablarına. №12. Yenə də maarif naziri nəvvab Etimaddüssəltənəyə. Adres: Darül-xilafeyi-Tehranda cəlal sahibi, böyük ağam, şəfqətli, əziz Nasirül-mülk Mahmudxan, Allah onun yüksək iqbalını daimi etsin, mütaliə buyursunlar. Mirzə Fətəli Axundzadə 1868-ci il, sentyabr ayı, Tiflis şəhəri * * * Mirzə Hüseyn xana məktub Mirzə Hüseyn xana yazılmış məktubun surəti Mənim əzəmətli ağam, səadətiniz daimi olsun! Siz, nə vaxta qədər məndən incikli olacaqsınız? Sizə qarşı məndən nə günah baş vermişdir? Məgər mən o adam deyiləm ki, siz Tiflisdə qaldığınız günlərdə bircə gün sizi görməsəydim, qərarım gəlməzdi? Məgər mən o adam deyiləm ki, Tiflisdə həmişə sizin xeyirxahınız olub, bədxahlarınızın qarşısında sizin haqqınızdakı səmimiyyətimi hər cür vasitələrlə göstərirdim? Məndən sədaqətdən özgə nə görmüşsünüz? Siz ki, əlifba üstündə məndən inciməmişsiniz. Siz ona görə pərt olmuşsunuz ki, mən türk dilində çap olunmuş “Təmsilat”ı nə üçün İstanbula gətirib, Osmanlı sədr-əzəmi Fuad paşa vasitəsilə Osmanlı Cəmiyyəti-elmiyyəsinə təqdim etmişəm. Məgər mən bu işin sizin narazılığınıza səbəb olacağını bilirdim? Mənim İstanbula gəlmək fikrim yox idi. Siz mənə məktub yazdınız, israr və təkidlə xahiş etdiniz ki, əlifbamı götürüb İstanbula gəlim və sizin evinizdə qonaq olum. Mən də sizin xahişinizə görə İstanbula səfər etdim, əlli gün mənzilinizdə sizin duz-çörəyinizi yedim. Məktubunuzu bu günə qədər saxlamışam və heç vaxt itirməyəcəyəm. Məktubunuzda məni mehriban qardaş adlandırırsınız. Lakin işdə, özünüz mənimlə Yusifin qardaşlarından da namehriban rəftar edirsiniz. Siz nə üçün məktubunuzda yazmadınız ki: “Mirzə Fətəli, “Təmsilat”ını İstanbula gətirmə!” Mən müqəssir deyiləm ki, hələ İstanbula gəlməzdən əvvəl “Təmsilat”ımdan bir çox nüsxələri İrana göndərmişdim ki, həmməzhəblərim gözəl dram sənətindən, yəni teatrdan xəbərdar olsunlar. Mən öz əqidəmə görə bu cür əsərləri yazmağımı xalqımı sevməyimin nişanəsi hesab edirəm; çünki bütün Avropa xalqları adamların məişəti və rəftarı barədə bu kimi əsərlər yazmışlar və bu sənəti insanların əxlaqını yaxşılaşdırmaq işində bir vasitə hesab edirlər. Bu da məlumdur ki, hər bir xalqın içərisində fırıldaqçılar, şərbazlar və axmaqlar vardır. Bu cür adamların həyatını və rəftarını dram sənətində məsxərə ilə ona görə verirlər ki, başqalarına ibrət olsun. Bu kimi yazıların dövlətə, səltənətə, siyasətə və bütün xalqa dəxli yoxdur. İstehzaya qoyulanlar xalqın ayrı-ayrı fərdləridir və bu, əlbəttə, ümumxalq üçün ibrət dərsi olur. Nə isə, bu təmsillər sizin nəzərinizdə xalqı sevməyə yabançı göründü. Mən sizinlə münaqişə etmirəm. Ancaq bunu deyə bilərəm ki, mən bu “Təmsilat”ı siz Tiflisə gəlməzdən əvvəl yazmışdım. Tiflisdə onların hamısını özüm sizə oxudum. Sizdən isə ancaq tərif və afərinlər eşitdim. Qətiyyən demədiniz ki, onlar sizin xoşunuza gəlmir və mənə xəbər vermədiniz ki, onları İstanbula gətirməyim?! Hər halda, indi yeddi ilə yaxındır ki, bizim aramızda soyuqluq davam edir. Məncə bu qədər bəsdir. İndi elə bir vaxt çatmışdır ki, gərək yenə də dostluq və məhəbbətə başlayıb keçmişləri unudasınız; mütləq mənə bir məktub yazıb, dövləti-əliyyeyi-İranın baş konsulu Əli xana göndərəsiniz ki, mənə çatdırsın. Mən də sizin könlünüzü şadlandırmaq üçün yazdığım bəzi şeyləri hədiyyə olaraq sizə göndərərəm. Bəzilərini isə səfərdən qayıdarkən, əgər Tiflis yolu ilə gəlmiş olsanız, özüm sizə oxuyaram. Hələlik Maarif Nazirliyinə göndərmiş olduğum bəzi yazılarımı oxuyun, qorxmayın, kəsalətinizə səbəb olmaz. Əksinə, şübhəsizdir ki, həzz alacaqsınız. Əsil mətləb budur ki, bu gün əlifba məsələsi böyük bir məsələ olmuşdur. Bu barədə hər tərəfdən, hər guşədən məqalələr yazıb, qəzetlər vasitəsilə çap edirlər. Bu məsələnin təzələnməsi üzündən mənim qəlbimdəki sönmüş atəş də yenidən alovlanmışdır. Bu dəfə mən dövlətiəliyyeyi-İranı bu işə sövq etməyi layiq hesab edib, bu xüsusda yazdığım bir sıra əsərləri Maarif Nazirliyinə təqdim edərək istəyirəm ki, nə mənim ixtiram və nə də başqalarının ixtirası və dəxaləti qəbul olunsun. Bəlkə də nazirlik bu barədə elə bir qərar qəbul etsin ki, guya bu iş dövləti-əliyyeyi- İranın rəhbərlərinin səyi nəticəsində başa çatmışdır və bununla da həmin xeyirli iş o dövlətin adı ilə bağlanmış olsun. Vəssalam! Sizə ixlası olan Mirzə Fətəli Axundzadə 1868-ci il, sentyabr ayı, Tiflis şəhəri * * * Həsənəli xana məktub Həsənəli xana yazılmış məktubun surəti Mənim əziz ağam, yüksək iqbalınız daimi olsun! Yəqin ki, əziz xatirinizdədir ki, ilk dəfə Avropadan İrana qayıdarkən Tiflisdə görüşüb ayrıldığımız zaman iltifatınızın və şəfqətinizin çoxluğundan məni qucaqlayıb öpdünüz və buyurdunuz: – Mirzə Fətəli, mən səni qəlbən sevirəm və xahiş edirəm ki, qələmindən nə çıxarsa, həmişə mənə göndərəsən ki, mən sənin əsərlərini və yazılarını tam sevinclə oxumaq arzusundayam. Cəlal sahibi cənabınızın məhz bu fərmayişinə görə sizə xəbər verməyi özümə borc bilirəm ki, bu günlərdə mən öz kitablarımdan və yazılarımdan bəzilərini Maarif Nazirliyinə göndərmişəm və bunu da yəqin bilirəm ki, sizin nəvvab-müstətab Etizadüssəltənə ilə xüsusi dostluğunuz vardır. İltifat edib, onları oxuyun və sizə həqiqi ixlası olub, cənabınızın yaxşı tanışlarından biri kimi məni də layiq bildiyiniz şəkildə qiyabi olaraq tanış edin! Məsələ köhnə islam əlifbasının dəyişdirilməsi barədədir. Əlifba məsələsi bu gün böyük bir məsələ olmuşdur. Hər tərəfdən, hər guşədən o barədə məqalələr yazırlar və qəzetlər çap edirlər. Bu məsələnin təzələnməsi ilə əlaqədar olaraq, mənim də qəlbimdə sönmüş atəş yenidən alovlanmışdır. Qəlbimdə olanları qələmə alıb maarif nazirinə göndərmişəm. İstəyirəm ki, bu böyük iş dövləti-əliyyeyi-İranın başçılarının hümməti ilə başa çatdırılsın və bu xeyir işin şöhrəti bu dövlətin adı ilə bağlansın. Mən işin başlanğıcında arzu edirəm ki, bu işin iftixarı bütünlüklə mənim olsun. İndi artıq başqaları da müdaxilə etmişlər. Elə isə qoy nə mənim olsun, nə də başqalarının. Alinəsəb cənabınızdan xahiş edirəm ki, həmin yazıları oxuduqdan sonra, lütf edib, mənim adıma bir məktub yazaraq, dövləti-əliyyeyi- İranın Tiflis baş konsulu Əli xana göndərəsiniz ki, mənə çatdırsın və bu xüsusdakı rəyinizi haman məktubda mənə bildirəsiniz. Çox təəssüf edirəm ki, siz ikinci dəfə Avropadan İrana qayıdarkən, kimsə Qocur yaylağına teleqram vuraraq, Tiflisə varid olduğunuzu mənə bildirməmişdir ki, şəhərə gəlib sizi ziyarət edəydim. Sizə ixlası olan Mirzə Fətəli Axundzadə 1868-ci il, sentyabr ayı, Tiflis şəhəri * * * Nəsirül-mülk Mahmud xana məktub Nasirül-mülk Mahmud xana yazılmış məktubun surəti Ali səadətiniz həmişəlik olsun! Yüksək nəsəbli cənabınızın mənim haqqımdakı mehribanlıq və iltifatına şübhə etmirəm. Dəfələrlə dostlardan və tanışlardan eşitmişəm ki, cənabınız məndən və mənim əsərlərimdən çox xoşlandığınızı və sevindiyinizi söyləmişsiniz. Buna görə də sizin iltifatınıza bel bağlayıb, ixlasımı bildirən bu məktubu yazmaqla, sizə başağrısı verirəm. Mən əlahəzrət şahənşahın Maarif Nazirliyinə köhnə islam əlifbasını dəyişdirmək məsələsinə dair bəzi kitabçalar və məktublar göndərmişəm. Sizdən xahiş edirəm ki, öz əziz vaxtınızdan bir qədərini onları oxumağa sərf edərək özünüzə xas olan iltifatla, layiq və lazım bildiyiniz bir şəkildə məni böyük şahzadə Etizadüssəltənəyə tanıtdırasınız. Bu əlifba məsələsi çox böyük bir məsələ olmuşdur. Bu gün o xüsusda dünyanın hər tərəfindən və hər ölkədən kitabçalar və məktublar gəlir. Qəzetlər onları dərc edir. Çox ümid edirəm ki, yüksək nəsəbli cənabınız mənim xahişimi qəbul edərək, ixlasımı bildirən bu məktubun cavabını haman məsələyə dair öz rəyinizlə birlikdə dövləti-əliyyeyi- İranın Tiflis baş konsulu Əli xana göndərəsiniz ki, mənə çatdırsın. Səadətli qardaşınız Əmanulla xana mənim tərəfimdən çoxlu salam yetirmənizi xahiş edirəm. Sizə ixlası olan Mirzə Fətəli Axundzadə Sentyabr ayı, 1868-ci il * * * Melkum xana məktub Melkum xana yazılmış məktubun surəti Cənab Ruhül-qüds! Sərhəng Şeyx Məhəmməd ağa sizin əlifbanızın surətini mənə çatdırdı. Onu başdan-başa nəzərdən keçirdim. Çap işini asanlaşdırmaq yolunda, həqiqətən böyük bir xidmət göstərmişsiniz. Yəni indiyə qədər dörd şəkildə yazılan hərfləri bir şəklə salmışsınız. Şəkillər çox yaxşı və gözəldir. Hərflərin bir-birinə bitişmədən yazılmasını da lazım bilmişsiniz. Lakin mən nöqtələrin saxlanılmasından, erabın (saitlərin) hamısının hərflərə daxil edilməməsindən, onların hamısı üçün ki, doqquz ədəddir, ayrıca şəkillərin yaradılmamasından və onların keçmiş çirkin şəkillərinin saxlanmasından yenə də narazı və şikayətçiyəm. Siz nöqtələrin tədricən atılacağını və saitlərin samit hərflər sırasına daxil ediləcəyini düşünürsünüz. Lakin mən sizin əlifbanızı əvvəldənaxıra qədər oxudum. Nöqtələr olduğu kimi qalmışdır. İki-üç əyri və çirkin işarədən başqa saitlər samitlərin sırasına daxil edilməmişdir. Bəs nöqtələr nə vaxt atılacaqdır? Saitlər nə zaman hərflərin sırasına daxil ediləcəkdir? Ehtimal olunur ki, sizin belə bir məqsədiniz var: bir müddət keçdikdən sonra şəkillərin dəyişməsi ilə nöqtələr öz-özünə atılacaq, saitlər isə hərflərin sırasına daxil olacaqdır. Məqsədiniz budursa, mən belə bir məqsədi münasib bilmirəm. Bu iş çox uzun sürəcəkdir. Əgər əlifbanı təmizləmək məqsədi qarşıya qoyulmuşsa, gərək bu saat və birdəfəlik tamamilə təmizlənib təzələnsin. Gördüyümüz yeni işi nə üçün nöqsanlı görməliyik ki, bir neçə vaxtdan sonra əlifbanı yenidən dəyişmək ehtiyacı qarşımıza çıxsın? Bundan əlavə, sizin bitişməyən hərfləriniz yazı işində böyük çətinliyə səbəb olur. Hərflərin bitişməməsini, samit hərflərin sait hərflərlə bitişdirilməsini mən yalnız yazı işinin asan və sürətli olması xatirinə lazım bilirəm. Çünki biz yenə də sağdan-sola yazsaq, qələmin bir dəfə dövrə etməsi ilə kəlməni və ya kəlmənin yarısını yazıb bitirə bilməsək, bizim yazı işimiz yenə də yavaş gedəcəkdir. Əgər biz kəlmələrin tərkibi üçün yazıda biri digərinə bitişməyən hər bir hərfi sizin qaydanızla ayrı-ayrı yazsaq, qələm tez-tez kağızın üzərindən qaldırılar. Beləliklə də, bir səhifəni yazmaq bir saatdan artıq vaxt aparar. Xülasə, sizin əlifbanız haqqında göstərdiyim bu iradları da yazaraq, onu başqa yazılarımla birlikdə dövləti-əliyyeyi-İranın Maarif Nazirliyinə göndərdim. Xahiş etdim ki, əlahəzrət şahənşahın fərmanı sadir olduqdan sonra, darül-xilafə (Tehran) fazillərinin müşavirəsində müzakirəyə qoyulsun. Mən də sizin kimi, hərflərin indiyə qədər mövcud olan dörd şəklinin vahid bir şəklə salınmasını məsləhət görərək, köhnə əlifbamızı dəyişdirməyi xahiş etmişəm. Ancaq yazı işində sürət və asanlıq əldə etmək üçün bir cüzün bitişməsi, yəni hər bir samit hərfin sait hərflə birgə yazılması, güman etmirəm, çətinliyə səbəb olsun. Sonra, əgər istəsələr, yazı işində mənim yeni əlifbamı tətbiq etsinlər. Sizin yeni layihənizi isə bütün nöqtələri atmaq, doqquz sait hərfdən ibarət olan bütün saitləri onlara məxsus yeni şəkillər yaradıb, köhnə şəkillərini ləğv etdikdən sonra samit hərflər sırasına daxil etmək şərti ilə çap işində işlətsinlər. Əgər nə mənim layihəmi yazı işində, nə də sizin layihənizi çap işində tətbiq etməyi bəyənməsələr, o zaman təklif etdiyim bütün şərtlərə uyğun yeni bir yazı qaydası düşünsünlər və həyata keçirsinlər. Mən çox güman edirəm ki, onlar bizim acığımıza özləri yeni bir əlifba qaydası düşünüb, köhnə əlifbanı dəyişməyə iqdam edəcəklər. Belə olarsa, mənim və sizin məqsədiniz yerinə yetişəcəkdir. Əgər sizin əlifbanızı çap işlərində tətbiq etsələr, zərər görməzlər, çünki çap işindən ötrü onlar bu gözəllikdə və bu zəriflikdə hərflər tapa bilməyəcəklər. Mən buna əminəm. İnsafla desək, sizin düzəltdiyiniz hərflərin şəkli gözəllikdə və zəriflikdə misilsizdir. Onları bir qədər təkmilləşdirdikdən sonra çap işində tətbiq etsələr, asanlıq və gözəlliyi əla dərəcəyə çatar. Cənab Ruhül-qüds! Siz elə bir tədbir görün ki, yatmış osmanlıları da oyadasınız. Əgər onlar sizin əlifbanızı bəyənsələr, bu, məqsədə çatmaq deməkdir. Mehribanlıq və səmimiyyətlə dolu məktubunuz üçün sizə çox təşəkkürlər edirəm. Sizin salamınızı Şeyxülislama yetirdim. Möhtərəm Şeyxülislam da öz ixlas və məhəbbətini izhar edərək, sizə çoxlu salam göndərir. Köhnə islam əlifbasının dəyişdirilməsinə dair məruzəni hazırladıqdan sonra və bu məruzəni dövləti-əliyyeyi-İranın Maarif Nazirliyinə göndərmək istərkən, əlifbamızın islahı haqqında Süavi əfəndi tərəfindən yazılmış məqalənin çap edildiyi qəzetin bir nömrəsini Paris şəhərindən mənə göndərdilər. Buna görə də mən Süavi əfəndinin irəli sürdüyü əqidəyə qarşı tənqid yazmağa başladım. Nəticədə məruzəni göndərməyi bir neçə gün təxirə salmağa məcbur oldum. Bu işi bitirdikdən sonra həmin tənqidi də məruzəmlə birlikdə Tehrana göndərdim. İndi isə Süavi əfəndinin türk dilində olan qəzetini və onun fars dilində tərcüməsini, habelə müəllifin əqidəsinə qarşı yazdığım tənqidin surətini, Tehrana göndərdiyim kimi, sizə də göndərirəm ki, məsələdən xəbərdar olasınız. Məsləhət görsəniz, bu tənqidimi olduğu kimi, münasib olmazsa, öz səliqənizə uyğun bəzi dəyişiklik və islahdan sonra İstanbul türkcəsinə tərcümə edib, nəşr etdirmək üçün Osmanlı Cəmiyyəti-elmiyyəsinə təqdim edin! Cənab Ruhül-qüds! Sizin tərtib etdiyiniz çap hərflərinin şəklinin gözəlliyinə heç bir söz ola bilməz. Lakin bu, biri-digərindən fasiləli və bitişməyən hərflər sağdan-sola yazmaq işində çox çətinlik törədəcəkdir. Bil-mirik, bəlkə də həmin hərflərlə avropalılar kimi soldan-sağa yazmağı təklif etmək fikrindəsiniz. Belə isə şübhəsiz ki, bütün çətinliklər aradan qaldırılacaqdır. Lakin mən sizin indiki təklifinizi də rədd etmirəm. Əgər əksəriyyət bunu qəbul edərsə, mən də onlardan biriyəm. Amma islam xalqları başçılarının əlifbada bu qədər ciddi islah və dəyişikliyin icrasına razı olacağını güman etmirəm. Cənab Ruhül-qüds! Mirzəağa xanın sizə dediyi kimi, sən cin balasısan, mən səndən qorxuram və sirlərini mənə verməyin barəsində israr etmirəm. Biz də sizin nə barədə düşündüyünüzü bilmirik. Buna görə də sizdən qorxuruq. Siz hər şeyi etməyə qadirsiniz. Əgər doğrudan da yazımız soldan-sağa yazılarsa, o zaman nöqtələr də öz-özünə atılacaq, saitlər də hərflərin sırasına daxil olacaqdır. Bundan başqa, hər cür əlavə dəyişiklik istəsək də, mümkün və asan olacaqdır. Beləliklə, yazı işimiz tamamilə asanlaşacaqdır. Adres: Yüksək məqamlı, fəzilət və kəmal sahibi, əzəmətli və hörmətli dostum Melkum xana, Allah onun ömrünü uzun eləsin, çatacaqdır İstanbul şəhərində. Dostunuz Mirzə Fətəli Axundzadə Cəmadiyəl-axır ayı, 1285-ci il. [1868-ci il sentyabr ayı] Tiflis şəhəri * * * Mirzə Yusif xana məktub Mirzə Yusif xana göndərilmiş məktubun surəti Cəlal sahibi cənabınızdan Süavi əfəndinin qəzetini mənə göndərdiyiniz üçün çox razıyam. Süavi əfəndinin qəzeti mənim əlimə belə bir zamanda çatdı ki, mən Ruhül-qüdsün əlifbasının yaxşı və çatışmaz cəhətlərinə dair öz fikrimi yazaraq, həmin əlifbanı son zamanlarda islam əlifbasını dəyişdirmək haqqında özümün düzəltdiyim başqa bir layihə ilə birlikdə Tehrana göndərməyə hazırlaşırdım. Süavi əfəndinin qəzetini aldıqdan sonra öz fikirlərimi göndərmək işini bir neçə gün təxirə salıb, Süavi əfəndinin əqidəsinə tənqid yazmağa başladım. Həmin tənqid məqaləsini qəzetin əsli və farsca tərcüməsi ilə birlikdə, öz fikirlərimlə bərabər Tehrana Maarif Nazirliyinə göndərdim. Daha sonra həmin tənqidin surətini Süavi əfəndinin məqaləsinin surəti ilə birlikdə cənab Ruhül-qüdsə göndərdim. İndi isə Ruhülqüdsə göndərdiyim məktub və məqalələrin surətini cəlal sahibi cənabınıza göndərirəm. Ancaq mən bu məqaləni çap etdirmək üçün deyil, könlünüzün xoşluğu üçün sizə göndərirəm. Çünki, məqaləni lazım və münasib bilsə, çap etdirməyi Melkum xandan xahiş etmişəm. Lakin yazdığım tənqidi məqalə məzəsiz olmadığına görə, sizə göndərirəm ki, qulluq işlərinin çoxluğu nəticəsində yorulduqda oxuyasınız ki, ürəyiniz açılsın. Bundan sonra əlifbanı dəyişdirmək haqqında Tehrandan cavab alınarsa və ya bu xüsusda əmr sadir olarsa, əhvalatın nə yerdə olduğunu yazıb, cənabınıza bildirəcəyəm. Adres: Parisdə əzəmət, kəramət və cəlal sahibi, dövləti-əliyyeyi- İranın vəziri-muxtarı, cənab Mirzə Yusif xan həzrətləri, Allah iqbalını daimi etsin, oxuyacaqlar. Sizə ixlası olan Mirzə Fətəli Axundzadə 1868-ci il, sentyabr ayı, Tiflis şəhəri * * * Mirzə Yusif xana məktub Mirzə Yusif xana göndərilmiş məktubun surəti Əzəmətli ağam, səadətiniz daimi olsun! Cəlal sahibi cənabınızın şəxsən öz xətti ilə yazılmış məktub yetişdi. Düzünü istəsəniz, mən sizin fikrinizi başa düşmürəm. Səbəb də odur ki, siz gedəndən sonra mənim hafizəm çox kütləşmişdir. Keçən məktubunuzda aşağıdakı ibarəni yazmışdınız: “Mən əlifbanı dəyişdirməkdən daha əhəmiyyətli olan, xalqa və dövlətə daha artıq fayda verən böyük bir işlə məşğulam. Əgər mənim və mənimlə həmrəy olan iş yoldaşlarımın səyinin səmərə verməsinə tale yardım edərsə, bizə və həmvətənlərimizə ən gözəl nemətlər nəsib olacaqdır. Bu məsələni sizə gizli yazıram. Sirrimi əmanət saxlayın, görək nəticəsi nə olacaqdır”. Özünüz düşünün, belə bir ibarəni oxuyarkən mənim fikrimə nə gələ bilərdi? Qoy özüm deyim. Həmin ibarəni oxuyarkən mənim xəyalıma elə gəldi ki, siz bütün biliklərin canı hesab etdiyiniz məlum əsəri çap etdirməklə məşğulsunuz. Sevincimin, vəcdimin çoxluğundan az qalmışdı durub oynayam. Düşünürdüm ki, bu işin nəticəsində nə böyük hadisələr baş verəcəkdir. Fransızlar demişkən, bu xəyalla nə kimi saraylar tikirdim. Mənim vəziyyətim ən gözəl yuxu görən adamların vəziyyətinə oxşayırdı. Bu yuxunu həmişə dövlət və səadətə yozurdum, hər an Hafizin bu qəzəlini dilimdə əzbər etmişdim: Şirin yuxuda gördüm ki, əlimdə piyalə vardır. Elə güman etdim ki, işim səadətə doğru gedir. Qırx il zəhmət və əziyyət çəkdik, axırda isə İşimiz ikiillik şərabla həll olundu. Yəni hicrətin birinci günündən bu vaxta qədər qəm-qüssə çəkdik, azadlıq həsrəti ilə ömrümüzü başa vurduq; axırda səadətimiz münşi Yusifin əlində imiş ki, onun hümmət və qeyrəti sayəsində Yəqub kimi qüssədən kor olan gözlərimiz işıqlandı; onun sayəsində qaranlıq cəhalət quyusundan nicat tapdıq və öz arzumuza çatdıq... Xülasə, bu kimi şirin xəyalların ləzzəti ilə sərxoş kimi idim. Siz məni bu gözəl sərxoşluqdan nə üçün ayırdınız? Nə üçün məni bu gözəl yuxudan oyatdınız? Nə üçün mənim ümid dünyamı məyusluq dünyası ilə əvəz etdiniz? Nə üçün siz mənə bu sonuncu məktubunuzu yazdınız? Nə üçün mənə bildirdiniz ki, dünyada sizin üçün Hüseyndən daha əziz olan bir nüsxə çap etdirəcəksiniz ki, həm şiə, həm sünni, həm fransız, həm bütpərəst, həm yəhudi onun məzmununa görə sizə sonsuz hörmət bəsləyəcəkdir? Deməli, sizin uzun müddətdən bəri məşğul olduğunuz böyük iş bu imiş! Bəs məşğul olduğunuz o böyük iş necə oldu? Belə məlum olur ki, sizin çapa hazırladığınız əsər bütün biliklərin canı hesab etdiyiniz əsərin məzmununu alt-üst edib, sizi dediyiniz böyük işi yerinə yetirmək niyyətindən çəkindirmişdir! Ehtimal olunur ki, böyük iş deyə adlandırdığınız, həmin əsər imiş. Mən isə hafizəmin kütlüyündən səhv edərək, onu bütün biliklərin canı düşünmüşəm. Əgər məqsədiniz bu imiş, nə üçün yazmışsınız ki: “Bu məsələni sizə xəlvəti yazıram, sirrimi əmanət saxlayın!”. Bir əsər ki, bütün dinlərə qulluq edən adamların xoşuna gələcəkdir, onu gizli saxlamağın nə mənası vardır? Xeyr, belə deyildir. Hafizəm nə qədər kütləşsə də, yenə də təyin edə bilərəm ki, “böyük iş” dedikdə sizin məqsədiniz başqa idi. İndi isə mənə məlum olmayan bəzi səbəblərə görə o məqsəddən əl çəkmişsiniz. Belə bilirəm ki, siz mənim əsərim kimi və ya ona oxşar bir əsərin çapına iqdam edəcəksiniz, ya da ki, heç bir iş görməyəcəksiniz. Lakin özünüzü qəsdən belə göstərmək istəyirsiniz. Əgər desəniz ki, “böyük iş”in bu əsərə dəxli yoxdur, yəni bu əsərin çapı hal-hazırda məşğul olduğunuz “böyük iş”dən əlavə bir işdir, bu söz də ağlımca doğru deyildir; çünki ancaq bu əsər, sizin üçün dünyada Hüseyndən əziz ola bilər. Belə isə, həmin əsərin çapı böyük iş sayılmalıdır. O zaman əvvəlki məktubunuzda “böyük iş” adlandırdığınız məsələnin əhəmiyyəti itir. Nə isə, mən sizin məqsədinizi anlaya bilmirəm. Məktubun başlanğıcında yazdığım kimi, tutaq ki, bu əsər başqa şeydir, sizin “böyük iş”iniz tamamilə başqa bir şeydir. Belə isə, bu əsəri çap etdirməyinizin mənə nə dəxli vardır? Nə zaman əsər çapdan çıxardı, mənə ondan bir nüsxə göndərərdiniz. Öz məqsədinizi qabaqcadan mənə yazmağınızın nə mənası var idi? Xeyr, bunun özü də mənasız deyildir. Bunun mənasını mən anlayıram, ancaq sizə yazmıram... Artıq mən elə bir qərara gəlmişəm ki, adı sizə məlum olan o gənci yavaş-yavaş sizin fəzilət, mərifət və nəcabət sahibi olmağınızla tanış edib, onu bu həqiqətə inandıram. O, sizi yaxşı tanımır və haqqınızda səhv edir. O sizi də ömrü boyu içərilərində tərbiyə aldığı adamlardan biri hesab edir. Lakin mən əminəm ki, onu şəxsən sizə məktub yazmağa vadar edəcəyəm. Gözümün işığı olan Hüseyn xanı öpürəm. Rəşid ona çoxlu salam yetirir. Bu məktubu sizə Qocurdan yazıram. Şeyxülislamı və Molla Əlini hələ görməmişəm. Onlarla görüşdükdə salamınızı Şeyxülislama yetirib, Molla Əlidən də qəbalə məsələsini öyrənəcəyəm. ...Cənabınız bir neçə vaxt bundan qabaq mənə yazmışdınız ki, guya məni Fransanın məşhur və adlı-sanlı yazıçıları nəzərində tanıtdırıb şöhrətləndirəcəksiniz. Mən elə güman edirdim ki, onlar sizin dediklərinizə əsasən, Parisdə çıxan qəzetlərdən birində mənim haqqımda məqalə yazacaqlar, siz isə o qəzetdən bir nömrə mənə göndərəcəksiniz ki, buradakı tanışlara və dostlara göstərim. Lakin bu vədinizdən heç bir nəticə çıxmadı. Sizə ixlası olan Mirzə Fətəli tərəfin- dən yazıldı. 1868-ci il, 3 sentyabr, Qocur * * * N.İ.Baranovskiyə Qafqaz canişinliyi baş idarəsi departamenti müdiri N.İ.Baranovskiyə Baş idarənin departamenti mütərcimi podpolkovnik Mirzə Fətəli Axundzadənin raportu Baş idarə rəisinin əmri və zati-alinizin sərəncamı ilə “Cəbə” adlanan türkcə kitabın tərcüməsinə başladım. Axalsix qəzası üzrə mərzçəkmə komissiyasının bu ayın 1-də işə başladığını nəzərə alaraq, mən dövlət mülki idarəsinin təklifi ilə iyunun biri üçün Azqur məntəqəsinin cədvəlinin tərcüməsini hazırlamışam. Zati-ali, xahiş edirəm əmr verəsiniz onu idarəyə göndərməklə bəra-bər xəbər versinlər ki, işin həcmi iri olduğu və bu kitabın tam tərcüməsini birdəfəlik və tezliklə təqdim etmək mümkün olmadığı üçün, mən dəftərləri tərcümə etdikcə mərzçəkmə komissiyasına yola salmaq məqsədi ilə bilavasitə özüm idarəyə çatdıracağam. Podpolkovnik M.F.Axundzadə * * * Mirzə Yusif xana Altı aya yaxındır ki, cənabınızdan məktub almamışam və sizə göndərdiyim iki nüsxə məktubum da indiyə qədər cavabsız qalır. Halbuki, onlara cavab yazmalı idiniz. Bilmirəm, mənə qarşı kəmiltifat olmuşsunuz, ya xeyr. Əgər kəmiltifat olmuşsunuzsa, səbəbini bildirin görüm, məndən nə günah baş vermişdir? Hər halda, əgər siz mənə qarşı min dəfə də kəmiltifat olsanız, mən sizə olan səmimiyyətimə və məhəbbətimə zərrə qədər də olsun xələl yetirməyəcəyəm. Çünki mən sizi nəcib xasiyyətli, idraklı, vəfalı dost, məhəbbət və pərəstişə layiq bir insan kimi tanımışam. Bilirəm ki, işiniz çoxdur. Lakin yenə də xahiş edirəm ki, mənim bu məktubuma qısaca da olsa, bir cavab yazasınız və eyni zamanda keçmişdə göndərdiyim iki məktubun sizə yetişməsi barədə də məlumat verəsiniz. O məktublardan birinin zərfi içərisində Süavi əfəndinin əlifbaya dair əqidəsi barədə yazdığım tənqidi də sizə göndərmişdim. Yazılası təzə bir əhvalat yox idi. Ancaq bunu bildirirəm ki, 2-3 ay bundan əvvəl Tehrandan Tiflisə Əbdürrəsul xan adlı bir kişi gəlmişdi. O vaxtlar da mən əlifba haqqında Tehrana bəzi yazılar göndərmişdim. Buna görə də onun gəldiyini eşidən kimi görüşünə getdim. İran konsulu Əli xanın evində mənzil etmişdi. Hər tərəfdən söhbət düşdü. Nəhayət, söz mənim əlifba haqqında Tehrana yazıb göndərmiş olduğum məsələlərə gəlib çatdı. Həmin şəxs çox israrla məndən xahiş etdi ki, həmin yazıların surətini sabahısı gecə gətirib, onun üçün oxuyam. Mən onun xahişini qəbul etdim və sabahısı axşam yazıları gətirdim və ona oxumağa başladım. Lakin həmin şəxs, fövrən, qabağına bir şüşə araq qoyub, noğul-məzə də gətirtdirib, dalbadal araq içməklə məşğul oldu. Belə ki, bir-iki dəqiqə ərzində ağlı başından getdi. Mən qəlbən çox incidim, amma incikliyimi üzə vurmadım və o qədər dözdüm ki, konsulun nökərlərindən biri otağa daxil olub dedi ki: “Əbdürrəsul xanı bir nəfər o biri otaqda çağırır”. Əbdürrəsul xan bu xəbəri eşidən kimi dərhal dik atılıb getdi. Mən bildim ki, onun üçün fahişə gətirmişlər. Halbuki, konsulxana ədalət məhkəməsidir və bir növ müqəddəs yer sayılır. Ona görə də belə bir yerə hər gedib-gələn üçün fahişə gətirmək mənim fikrimcə əcnəbi xalqlar gözündə çox çirkin əməllərdən sayılır. Hər halda, mən yazıları oxumağı dayandırıb, əsəbi halda oturdum. Bir qədər sonra Əbdürrəsul xan pərişan və şaşqın halda qayıdıb dedi: “Filankəs, yazılarını oxu, qurtar!” Mən dedim: “Mən yazılarımı ancaq elə bir adama oxuyaram ki, başında ağlı ola, qəlbində aramı. Sizin isə indi içdiyiniz arağın təsirindən nə başınızda ağıl var, nə də fahişənin gəlməsi münasibətilə qəlbinizdə aram”. Konsul Əli xan dedi: “Filankəs, haqlısınız! Yazıları oxumaq başqa bir asudə vaxta qalsın. Əbdürrəsul xana icazə verin, aycamallı qızın yanına getsin!” Mən dedim: “Buyursun!..” Əbdürrəsul xan dərhal qalxıb, tərsa qızının yanına getdi. Bir neçə dəqiqədən sonra onların olduğu otaqdan qalmaqal səsi eşidildi. Məlum oldu ki, “şəni yüksək olan” xan, qızın üstünə qusmuş və onun paltarını bulamışdır. Qız şikayətə başlamış və min cür söyüş və nalayiq sözlərlə onun yanından qaçmışdır. Xanın isə nə özündən xəbəri var, nə də qızdan. Sərxoş və ağlı itmiş halda ölü kimi otağın fərşinə düşüb qalmışdı. Elə ki mən bu əhvalatı gözümlə gördüm və evə qayıtdım; həmin gecə bu beytləri Əbdürrəsul xanın vəsfində yazdım. * * * Mənim əzəmətli ağam! Siz bilirsiniz ki, mən şər-şür adam deyiləm. Lakin əgər bir nəfər hörmətimi saxlamayıb, özünü mənim qarşımda Əbdürrəsul xan kimi ədəbsiz göstərərsə, mən ona nifrət edərəm və haqqında pis danışmaq-dan özümü saxlaya bilmərəm. Xələc alayının komandiri sərhəng Mahmudağanın qardaşı, Kirman alayının komandiri sərhəng Əliağa da Tehranda bu adamı türkcə həcvə qoymuşdur. Ona görə də, bəzi misralarda Əliağaya xitab olunur. Onun həcvindəki bəzi misraların məzmunu münasibətilə bu misralar göstərilən şərh ilə Təbrizdə və Tehranda əldən-ələ gəzəcəkdir. Əzəmətli ağam! Siz mənim polkovnik olmağım münasibətilə hələ mənə təbrik yazmamışsınız. Yazıq Süruş vəfat etmişdir. İndi onun haqqındakı tənqidi Tehrana göndərmək olar. Öz vəziyyətinizdən bir qədər yazın, görüm nə işlə məşğulsunuz. Eşitdiyimə görə, bu sətirləri yazanın əsərini çap edibsiniz. Çox yaxşı işdir və mədəniyyət sahəsində atılan ilk addımdır. Eləcə də məlum olur ki, “Napoleon qanunları”nı farscaya tərcümə edirsiniz. Vallah, yaltaqlanmadan və riyasızlıqla deyirəm ki, sizin bu işlərinizə ürəkdən sevinir və hümmətinizə ixtiyarsız pərəstiş edirəm. Kaş mən də sizin yarınız qədər işgüzar olaydım. Nə fayda ki, başımda çoxlu coşqun fikirlər varsa da, onları yazmaq işində tənbələm və özüm də öz tənbəlliyimdən şikayətçiyəm. Bəlkə də mənim tənbəlliyimə səbəb öz xalqıma mənsub olanların məni təşviq etməməsidir. Altı aydan çoxdur ki, əlifba haqqında Tehrana elə bir müfəssəl və həkimanə izahat göndərmişəm ki, mənim fikrimcə əgər Afrika və Amerika vəhşilərinə yazsaydım, mütləq təsir edərdi. Lakin bunlar Tehrandakı dövlət başçılarının təbiətinə əsla təsir etmir, bu günə qədər onlar mənə cavab belə verməmişlər. Mən yazıq nə edim? Əlacım bircə ona qalmışdır ki, siz Tehrana gedəsiniz, ya maarif naziri, ya ticarət naziri, ya da tənzimat naziri olasınız ki, bəlkə mənim işlərim bunun sayəsində irəliləməyə başlasın. Bu günlərdə babilərin toplaşması nəticəsində Tehranda başqa bir qovğa yaranmışdır. Görək, işin sonu nə ilə bitəcəkdir. Gözümün nuru Hüseyn xanın vəziyyətindən yazın görüm nə işdədir və nə ilə məşğuldur? Mənim Rəşidim beşinci sinfi bitirib, altıncı sinfə keçmişdir. Fransız dili üzrə bu il irəliləməsi aydın görünür. Adres: Cəlal sahibi, əzəmətli ağam, dövləti-əliyyeyi-İranın Fransadakı səlahiyyətli səfiri Mirzə Yusif xan cənabları mütaliə buyursunlar. Darüssəltəneyi-Parisdə. Sizə ixlası olan Mirzə Fətəli 1869-cu il, avqust ayı. Qocur yaylağı * * * Münif əfəndiyə Əziz qardaşım Münif əfəndi! İstanbulda olduğum günlərdə sizin və əziz qardaşım Arif bəyin haqqımda göstərdiyiniz məhəbbət və mehribanlıq heç bir vəchlə yadımdan çıxmamışdır və elə bir gün olmur ki, sizin yaxşılığınızdan danışmayım. Lakin təəssüf ki, sonralar məsafənin uzaqlığı məni sizin əziz vücudunuzu görməkdən məhrum etmişdir. Hazırda İstanbulda yaşayan əziz qardaşım Melkum xan, keçən il islam əlifbasını dəyişdirmək üçün özünün düzəltmiş olduğu hərflərin şəkillərini çap etdirərək, aramızda olan möhkəm dostluğa əsasən rəyimi bilmək üçün mənə göndərmişdi. Odur ki, mən bu yeni şəkillərin üstün cəhətini müşahidə edib, bəzi nöqsanlarını da görərək, bu iki cəhət haqqında ətraflı izahat yazıb həmin şəkillərlə birlikdə İran dövləti nazirlərinin müzakirəsi üçün göndərdim və xahiş etdim ki, bu məsələyə diqqət yetirib, bir tədbir görsünlər ki, köhnə əlifbanı dəyişdirmək yolu ilə Şərq dillərini öyrənmək işində müsəlman balaları çətinlik və məşəqqətdən xilas olsunlar. İndi İran nazirləri mənim həmin izahatımın müqabilində bu cavabı yazmışlar ki, eyni ilə sizə yazıram: “Ən əlverişli və ən layiqli iş bu olardı ki, Mirzə Fətəli Axundzadə, islam əlifbasını dəyişdirmək barədə öz fikirlərini Osmanlı dövləti başçılarına ərz etmiş olsun. Çünki bu fikrin müzakirəsi əvvəldən o dövlətdə aparılmışdır. Biz İran millətinin əlifbamızı dəyişdirməyə əsla ehtiyacı yoxdur. Çünki bizim üç cür xəttimiz vardır: nəstəliq, şikəstə və nəsx ki, gözəllik və yaraşıq cəhətdən bütün yer üzündə mövcud olan xətlərin hamısından üstündür. Biz heç bir vəchlə bu xətlərimizi tərk etməyəcəyik, Mirzə Fətəli Axundzadə və ya Melkum xanın yeni xəttini tətbiq etmirik və etməyəcəyik də. Belə olduqdan sonra mən Mirzə Fətəli Axundzadə lazım bilirəm ki, əlifbanı dəyişdirmək barədə yazdığım həmin ətraflı izahatın surətini Osmanlı dövlət başçılarının xidmətinə ərz edim. Əlbəttə, o məqsədlə yox ki, onu icra etsinlər, bəlkə də göstəriş versinlər ki, bu yeni fikrimizi yenə də Osmanlı Cəmiyyəti-elmiyyəsi müzakirə edib, çap etdirsinlər ki, islam xalqlarının gələcək nəsilləri üçün bir sənəd olaraq qalsın və onlar bilsin ki, biz islam əlifbasını dəyişdirməyin vacibli iş olduğunu anladıq, lakin müasirlərimiz buna razılıq vermədilər və günəşdən aydın olan bu məsələni lüzumunu, qəbuledilməz bir sıra dəlillərlə inkar etdilər və buna görə də min təəssüflə və həsrətlə bu dünyadan getdik. Bəlkə də gələcəkdə bizim mədəniyyət dairəsinə qədəm qoyacaq övladlarımız bu məqsədimizi arzudan əmələ çevirsinlər. Əziz qardaşım olan siz Münif əfəndidən, dostluq və qardaşlıq naminə, mənim ərizəmi, yuxarıda qeyd etdiyim izahatla bərabər, şərafətli sərkar sədr-əzəmin xidmətinə yetirib, mənim fikirlərimin Osmanlı Cəmiyyəti-elmiyyəsində müzakirə və nəşr edilməsi üçün o cənabdan icazə almağınızı xahiş edirəm. Bu məsələ haqqında şərafətli sərkar sədr-əzəm tərəfindən veriləcək hər cür tapşırığı Tiflisdəki Osmanlı konsulu vasitəsilə mənə xəbər verməyinizi rica edirəm. Əgər bu məsələ Osmanlı Cəmiyyəti-elmiyyəsində müzakirə və nəşr edilərsə, çapdan çıxdıqdan sonra ondan iki nüsxə mənə göndərin. Eyni zamanda, nəzərinizə çatdırmağı lazım bilirəm ki, öz şəklimi və habelə üzərində Bəhramın yeddi qəsrinin təsviri çəkilmiş qızıl davatlı və minalanmış bir qələmdanı yadigar olaraq sizə təqdim edirəm. Bundan başqa, şəklimdən beş nüsxə də əlavə göndərirəm. Onlardan birini əziz qardaşım Arif bəyə verib, salamımı ona çatdırın! Birini isə mən orada olduğum zaman Osmanlı Cəmiyyəti-elmiyyəsində iştirak edən gəncə təqdim edin! Mən onun adını unutmuşam. Xatirinizə salıram ki, onunla məni siz tanış etdiniz və dediniz ki, Ərzurum valisinin oğludur. Şəkillərdən üçünü isə əlifba məsələsinin vacib məsələ olduğunu etiraf edən Osmanlı dövlətinin məsul işçilərinə verin! Bunlardan başqa həmin məktubumla bərabər, sizə Süavi əfəndinin əqidəsinə qarşı yazdığım tənqidi məktubu da göndərirəm. Onu da Osmanlı Elmi cəmiyyətində çap etdirib, yaymağınızı xahiş edirəm ki, elm və savad sahibləri bilsinlər ki, köhnə əlifbanın islahı haqqında Süavi əfəndinin fikir və məsləhətləri ağılsız və mənasızdır! Əziz qardaşım Münif əfəndi! Bir də öz xahişimi təkrar edirəm ki, köhnə əlifbanı dəyişdirmək haqqında və yeni əlifbanın tətbiqi işində səyinizi əsirgəməyəsiniz. Bu xüsusda hər gün danışmaq və çalışmaq sizə mümkündür. Yəqin ediniz ki, bundan sonra dünyada yüz il yaşasanız belə, bundan yaxşı bir iş görə bilməyəcəksiniz. Əgər avropalıları bu məsələ ilə tanış etmək məqsədilə İstanbulda çıxan fransızca qəzetlərdən birində əlifbanı dəyişdirmək haqqında məqalə yazılarsa, çox yaxşı olar. Ola bilsin ki, avropalılar bu işdə bizə kömək etsinlər. Hər halda, belə bir işin yaxşı nəticəsi ola bilər. İstanbuldan yola düşərkən, sizə dilcavabı şikayət etdiyim oradakı düşmənimi cənabınız yaxşı tanıyırsınız. Mən bu məsələdə onun bədxahlığından, fitnə və fəsad törətməyəcəyindən yenə də xatircəm deyiləm. Bir də cənabınız mənə söz vermişsiniz ki, türkcə çap edilmiş əsərlərimi osmanlı dilinə tərcümə etdirib, nəşr edəcəksiniz. Bu vədiniz hələ də nəticəsiz qalır. Son zamanlarda eşidirəm ki, İstanbulda teatr binası tikilir. Əgər belə olarsa, mənim əsərlərimin o teatrda tamaşaya qoyulması münasib bir iş olar. Bu xüsusda da mənə yazıb bildirməyinizi xahiş edirəm. Kolonel Mirzə Fətəli Axundzadə Tiflis, 1870-ci il, yanvar ayı * * * Nikolay İvanoviç Baranovskiyə Qafqaz canişinliyi baş idarəsi departamentinin mütərcimi podpolkovnik Mirzə Fətəli Axundzadənin yazılı məruzəsi Qafqaz canişini Baş idarəsi departa- mentinin direktoru həqiqi dövlət müşa- viri kavaler Nikolay İvanoviç Baranovski həzrətlərinə 28 yanvar 1870-ci il, Tiflis şəhəri Həzrət-əşrəfinizə məlum olduğu kimi keçən il yazda mən həm müsəlmanların özü üçün və həm də avropalılar üçün Şərq ədəbiyyatını öyrənmək işini asanlaşdırmaq məqsədi ilə islam əlifbasını dəyişdirmək haqqında tərtib etdiyim bir layihəni Tehranda Maarif Nazirliyinə göndərmək üçün burada olan İran baş konsulu sərtip Əli xana vermək haqqında Qafqaz canişinliyinin Baş idarəsi rəisi zati-alinizdən icazə almışam. O zaman mən sizə bildirmişdim ki, həmin layihə 1863-cü ildə mənim tərəfimdən Konstantinopola aparılmış və oradakı Elmlər Akademiyasında müzakirə edilmişdir. Hazırda mən İran Maarif Nazirliyindən məlumat almışam ki, bu nazirlik müxtəlif səbəblərə görə mənim fikrimi həyata keçirməyi mümkün hesab etmir. Buna görə də yeni layihəmi yenə də Türkiyə Elmlər Akademiyasının müzakirəsinə göndərməyi təklif edir. Mənim bu fikrim Konstantinopolda olan sağlam düşüncəli müsəlmanların şüurunda artıq özünə yer salmışdır və orada nəşr edilən jurnallar tez-tez öz səhifələrində islam əlifbasını dəyişdirməyin lazımi iş olması haqqında məqalələr dərc edib, müzakirə açır və bu fikrin tərəfdarlarının sayı gündən-günə artmaqdadır. Mən bu faydalı fikrin birinci təşəbbüsçüsü olduğuma görə, hazırda belə bir qərara gəlmişəm ki, əvvəlki layihəmə nisbətən əhəmiyyətli dərəcədə sadələşdirilmiş yeni layihəmi buradakı Türkiyə konsulunun vasitəsilə yenə də Konstantinopoldakı Elmlər Akademiyasının müzakirəsinə göndərim. Mən bu fikirdəyəm ki, bununla bərabər, Türkiyə sədr-əzəmindən bu layihəni həmin müəssisədə müzakirə etmək üçün göstəriş verməsini də xahiş edim. Mən bütün məktublarımı sədr-əzəmə və daha sonra Elmlər Akademiyasına vermək üçün həmin akademiyanın üzvü olan dostum Münif əfəndinin ünvanına göndərəcəyəm. Buna görə də sizin zati-alinizə müraciət edərək, acizanə xahiş edirəm ki, Qafqaz canişinliyi Baş idarəsi rəisindən bu iş üçün mənə icazə alasınız və yainki, zati-aliləri rəisin keçmişdə verdiyi icazəyə əsasən, özünüz bu icazəni mənə verməklə, dünyanın bütün millətləri və xalqları üçün əlçatmaz sayılan Şərq ədəbiyyatındakı bu çoxəsrli maneəni aradan qaldırmaqdan ötrü sonuncu təşəbbüsdə olmağım üçün mənə imkan yaradasınız. Podpolkovnik Mirzə Fətəli Axundzadə * * * Osmanlı dövlətinin sədr-əzəminə Dövləti-əliyyeyi-Osmaninin sədr-əzəmi şərafətli sərkar ali paşanın xidmətinə Qafqaz canişini Qranduk Mixail həz- rətlərinin xidmətində Şərq dillərinin mütərcimi olan kolonel Mirzə Fətəli Axundzadədən Ərizə Hazırda İstanbulda olan əziz qardaşım Melkum xan keçən il islam əlifbasını dəyişdirməyə dair tərtib edib çap etdirdiyi hərflərin şəkillərini, aramızda olan dostluğa əsasən, rəyimi bilmək üçün mənə göndərmişdi. Mən isə Melkum xanın düzəltdiyi şəkillərin yaxşı cəhətlərini və onlardakı bəzi nöqsanları da görüb, hər iki cəhət barədə fikrimi müfəssəl bir məktubda yazıb, layihəni İran dövləti nazirlərinin müzakirəsinə göndərdim. Mən onlardan xahiş etmişdim ki, bu məsələnin əhəmiyyətini nəzərə alaraq, elə bir tədbir görsünlər ki, köhnə islam əlifbasını dəyişdirmək yolu ilə, Şərq dillərini öyrənmək işində müsəlman balaları çətinlik və əzabdan xilas olsunlar. İndi mənə məlum oldu ki, İran dövlətinin nazirləri mənim o müfəssəl məktubumun müqabilində bu cavabı vermişlər ki, eynilə buraya köçürürəm: “Ən əlverişli və ən layiqli iş bu olardı ki, Mirzə Fətəli Axundzadə, islam əlifbasını dəyişdirmək barədə öz fikirlərini Osmanlı dövləti başçılarına ərz etmiş olsun. Çünki bu fikrin müzakirəsi əvvəldən o dövlətdə aparılmışdır. Biz İran millətinin əlifbamızı dəyişdirməyə əsla ehtiyacımız yoxdur. Çünki bizim üç cür xəttimiz vardır: nəstəlik, şikəstə və nəsx ki, gözəllik və yaraşıq cəhətdən bütün yer üzündə olan xətlərin hamısından üstündür. Biz, heç bir vəchlə bu xətlərimizi tərk etməyəcəyik. Mirzə Fətəli Axundzadə və ya Melkum xanın yeni xəttini tətbiq etmirik və etməyəcəyik də!”. Belə olduqdan sonra mən Mirzə Fətəli, həmin o müfəssəl məktubun üzünü çıxararaq şərafətmədar və vəkalətpənah sərkarınızın xidmətinə göndərirəm. Əlifbanın dəyişdirilməsi haqqında vəkalətpənah, şərafətli sərkarınızdan ancaq bunu xahiş edirəm ki, tapşırasınız: bu məsələni Osmanlı Cəmiyyəti-elmiyyəsində müzakirə edib, layihəni nəşr etdirsinlər, qoy əlifbanı dəyişdirmək işi bütün xalq arasında yayılsın ki, dövlət başçıları vaxtı münasib gördükdə, bütün dünya xalqlarının hazırda yiyələnmək istədiyi mədəniyyət şərtlərinin tələbi üzrə köhnə əlifbanı dəyişdirməyin vacib bir iş olduğunu başa düşsünlər. Kolonel Mirzə Fətəli Axundzadə 1870-ci il, yanvar ayı, Tiflis şəhəri * * * Ruhül-qüdsə (Mirzə Melkum xana) Ruhi rəvanım, Ruhül-qüds! Sizin aprel ayının 25-də yazdığınız məktub göydən nazil olan bir fərman kimi mənə çatdı və qəlbimin sevinc və fərəhini artırdı. Səmimi dostumuz cənab Mirzə Yusif xan Tiflisə çatdığı birinci gecədə sizin “Mükalimə” kitabınızı mənə, Tiflisdəki İran konsulu Əli xana və Qafqaz Şeyxülislamına oxudu. Kitabçanın cildlənmədiyindən istifadə edərək, həmin gecə onu üç hissəyə bölüb, katiblərə verdik. İki günün ərzində onun üzünü köçürdülər. Hazırda hər birimizin əlində kitabçanızdan birər nüsxə vardır. Kitabçanın mənə nə qədər xoş gəldiyini və fikrimə nə qədər qüvvət verdiyini təsvir etmək üçün söz tapmıram. Bu ümidsizlik günlərimdə məni bu dərəcədə şad etdiyinə görə, Allah sizə böyük əcr versin! Mənim bütün düşmənlərimə və bədxahlarıma sübut etmişsiniz ki, islam əlifbasını dəyişdirmək haqqında mənim fikirlərim puç və mənasız deyildir. Konsul Əli xan kitabçanı dönə-dönə oxuyaraq, sizi təqdir edir və afərinlər söyləyir. Kitabça gecə və gündüz Şeyxülislamın mizinin üstündədir. Hər bir şüur və zövq sahibini gördükdə, Şeyxülislam özünə xas olan fitri fəsahət və bəlağətlə kitabçanı oxuyur və məzmununu onlara izah edir. Onun vəcdinin sonu yoxdur. Bu məktubumda onun salamını sizə yetirməyi və onun sizin kimi qiymətli bir vücuda bəslədiyi məhəbbəti bildirməyimi məndən xahiş etmişdir. Xoş halınıza, nə qədər xoşbəxt adamsınız! Adınız hər yerdə dillər əzbəri olmuş, sizi görmək arzusunda olanların sayı minlərlədir. Dünyada həqiqi xoşbəxt adam varsa, o da sizsiniz. Xoşbəxt adam min lirə yığıb, öz bəxtinə güvənən mənim düşmənim deyildir. Onun nə övladı var, nə də xeyirxahları! Arvadı başqalarının qucağındadır, özü də paxıllıq və həsədin gücündən həmişə tir-tir əsir: “Ey paxıl, öl, bəlkə qurtarasan. Çünki bu dərdin əzabından ancaq ölümlə qurtarmaq olar”. Mənim nəzərimdə, bütün dünyanın ən bədbəxt adamı bu kişidir. Allah mənə o qədər ömür verəydi ki, despotun onun lirələrini necə əlindən aldığını və onu həsrət və peşmanlığa düçar etdiyini görəydim. Sizin kitabçanızı oxuduqdan sonra mənə elə gəlir ki, yazımızı soldan-sağa yazmaq şərtilə, əlifbamızı dəyişdirmək əzmindəsiniz. Mənə elə gəlir ki, məhz buna görə də kitabçanızda əlifbada olan üç eybi Şeyxə izah etməyi lazım görməmişsiniz. Əgər mənim zənnim düzdürsə, əgər sizin belə məqsədiniz varsa, nə olur olsun çalışın və iradəli olun! Mən buna zidd deyiləm. Əziz qardaşım Münif əfəndiyə göndərdiyim kitabçanın məzmunundan aydın bir surətdə görəcəksiniz ki, mən də yazının soldan-sağa yazılmasının məsləhət olduğunu söyləmişəm. Əgər yazımız soldan-sağa yazılarsa, sizin tərtib etdiyiniz fasiləli yazılan hərflərin heç bir eybi qalmayacaq, nöqtələr də atılacaq və bütün erab (saitlər) hərflərin sırasına daxil olacaq, beləliklə də, hərflər arasında bir sıra oxşarlıqlar asanlıqla aradan qaldırılacaqdır. Nəticədə, oxumağın, yazmağın və çap işlərinin asanlığından ibarət olan hər üç məqsədimiz əldə ediləcəkdir. Lakin əlifbamız dəyişilərkən yazımız əvvəlki kimi sağdan-sola yazılarsa, o zaman, sizə göndərdiyim kitabçada qeyd etdiyim kimi, sizin tərtib etdiyiniz fasiləli yazılan hərflərin bəzi naqis cəhətləri yenə də qalacaqdır. Sözün düzü, sizin kitabınızı oxuduqdan sonra mən köhnə üsula, yəni sağdan-sola yazmaq üsuluna tamamilə nifrət edirəm. Əgər siz yazını soldan-sağa yazmaq təklifini irəli sürməyə cəsarət etməsəniz, bu işə mən özüm cəsarət edəcəyəm. Bu barədə öz fikrimi yenə də Osmanlı Elmi cəmiyyətinə yazaraq, bu üsulun üstünlüyünü qeyd edəcəyəm. Nə olur olsun, nə istəyirlərsə desinlər, sonu budur ki, məni təkfir edəcəklər. Qoy etsinlər! Qorxum yoxdur! Əgər yazımız soldan-sağa yazılarsa, o zaman bizim əlifbamız bütün xalqların əlifbasından üstün olacaqdır. Çünki xalqların hər hansı əlifbasını alsaq, az-çox naqis olduğunu görərik. Lakin bizim əlifbamızda heç bir nöqsan olmayacaqdır. Çünki biz onu düşünə-düşünə, anlaya-anlaya, bilə-bilə tərtib edirik. Əziz qardaşım Münif əfəndidən hələ də cavab almamışam. Mənim məktubumun cavabını ondan istəyin! Aləmin Allahı vəkalətpənah baş nazirə uzun ömür versin ki, bu ümidsizlik günlərində onun himayəsi və iltifatı mənim qəlbimə təsəlli verir. Dünyanı yaradan Allaha min dəfə şükür olsun ki, hazırkı əsrdə bizim xalqın içərisindən də belə bir elmli, bilikli, bacarıqlı, sağlam düşüncəli, qətiyyətli və iradəli vücud yüksək sədrlik məqamına çatmışdır. İksir kimi misli olmayan bu şəxsin varlığı ilə həmişə fəxr etməliyik. Mənim şəklimi istəmişdiniz. İndilik mümkün olmadı. Çünki mən hazırda ailəmlə birlikdə Qocur yaylağında yaşayıram. Bütün şəkillərim Tiflis şəhərində ağzı qıfıllı sandıqda qalmışdır. Allah qoysa, avqust ayının sonunda şəhərə qayıdarkən göndərərəm. Cənab Ruhül-qüds! Əlifbanı dəyişdirmək haqqında “Konstantinopol” qəzetində fransızca məqalə dərc etdirmək mümkündürmü? Əgər mümkünsə, siz allah, zəhmətinizi əsirgəməyib bir şey yazaraq, orada dərc etdirin və məqalənizdə mənim adımı, öz adınızı, bizim müttəfiqlərimiz və tərəfdarlarımızın adlarını, habelə vəkalətpənah sədr-əzəm cənablarının fikrimizi təsdiq və himayə etdiyini qeyd edin! Məsələnin nə yerdə olduğunu, bu işdə müvəffəq olub-olmadığımızı açıqdan-açığa yazın! Məqalə çap edildikdən sonra qəzetdən bir neçə nüsxəsini burada, Tiflisdə böyüklərimə göstərmək üçün mənə göndərin. Çünki bu işin irəli getməsi məqsədilə Osmanlı ölkəsinə yazılar göndərmək istərkən, qulluğumun tələbinə görə böyüklərimdən icazə istərkən, onlar işin nə yerdə olduğunu və zəhmətlərimin nə nəticə verdiyini məndən soruşurlar. Belə olarkən, lazım gəlir ki, işin bir nəticə verəcəyini və zəhmətimin hədər getməyəcəyini onlara söyləyim. Bu cür hallarda sözümün təsdiqi üçün, əlbəttə, əlimdə bir sənəd olmalıdır. Əgər istədiyim məqalə fransız dilində çap olunarsa, çox yaxşı olar. Ancaq bir xahişim var ki, bu məqalədə politika-molitika sözünü bir yana qoyasınız! Bir də yazmışsınız ki, mənim əsərlərimi, hətta “Kəmalüddövlə”ni çap etdirəcəksiniz. Bu barədə sizdən son dərəcədə məmnunam. Doğrudanmı “Kəmalüddövlə”ni də çap etdirəcəksiniz? Elə isə qoyun, onun mükəmməl nüsxəsini sizə göndərim ki, həmin mükəmməl nüsxənin əsasında çap etdirəsiniz. Sizdə olan nüsxə naqisdir. “Kəmalüddövlə”nin mükəmməl nüsxəsi mənim özümdədir. Əgər çap etdirmək lazım gələrsə, mütləq məndəki nüsxənin üzündən olmalıdır. Lakin “Kəmalüddövlə”nin mükəmməl nüsxəsini nə vasitə ilə və hansı inanılmış adamla sizə göndərə bilərəm? Xahiş edirəm ki, belə bir adamı özünüz mənə nişan verəsiniz. Ancaq “Kəmalüddövlə”ni çap edərkən, olmaya-olmaya mənim adımı qeyd edəsiniz! Əgər Süruş haqqında yazdığım tənqidin surəti yoxunuzdursa, yazın onun da surətini sizə göndərim. Əziz qardaşım Münif əfəndidən cavab aldıqdan sonra, qeyd etdiyim qəzet çatdıqdan sonra, sizin xahişinizə əsasən, əlifba haqqında yenə bir şey düşünüb İstanbula yazacağam ki, cənab Münif əfəndinin vasitəsilə vəkalətpənah sədr-əzəm cənablarının nəzərinə çatdırılıb, Osmanlı Cəmiyyəti-elmiyyəsində çap edilsin. Əvvəllər Parisdə səlahiyyətli nazir olan sizin Həsənəli xan qəribə səfeh adammış! Tiflis konsulu Əli xanın adamı Tehranda nazirliyə gedərkən əlifbanı dəyişdirmək haqqında mənim yazılarıma cavab verilməsini ondan xahiş etmişdir. Həsənəli xan isə acıqlanıb o adama demişdir ki: “A kişi, dəli olubsan nədir, əlifbanı dəyişdirmək nə deməkdir?! Sənin ağan Əli xanın başqa işi yoxdurmu ki, divanələrin sözünə qulaq asır və əlifbanı dəyişdirmək haqqında onların yazılarını alıb Tehrana göndərərək, hələ bir bunlara cavab da istəyir? Məgər o bilmir ki, dəlilərin cavabında ancaq susmaq lazımdır?!” Cənab Ruhül-qüds! İndi siz deyin görək, bizim hansımız dəliyik? Dəli Həsənəli xandır, ya mən? Doğrudur, bir cəhətdən mən də dəliyəm ki, Tehranın nazirliyinə layihə göndərmişəm... Qəribə burasıdır ki, Xanıkov da əlifbanı dəyişdirməyin əleyhinədir. Təəssüf ki, mən onu indiyə qədər ağıllı adam hesab etmişəm. Lakin Kazım bəy əlifbanı dəyişdirmək fikrini təsdiq edir. Bu adamı həqiqi alim, sağlam fikir sahibi və hörmətəlayiq bir insan hesab etmək lazımdır. Qocur yaylağına yola düşərkən, görüşmək üçün Qafqaz Şeyxülislamının hüzuruna getmişdim. Mənə buyurdu: “Ruhül-qüdsə yazarsan ki, doğrudur, mən də Şeyxülislamam, lakin Ruhül-qüdsün əqidələrini inkar edən İstanbul Şeyxülislamı kimi deyiləm. Mən, bunu onun vəzirlə mübahisəsindən anlamışam. Mən isə Ruhül-qüdsün əqidələrini hər cəhətdən, istisnasız təsdiq edib, onların doğruluğunu etiraf edirəm”. Sizin sevindirici cavabınızı gözləyirəm. Mənim arzu etdiyim və fransız dilində yazacağınıza ümid bağladığım məqalədə köhnəpərəst və mühafizəkar adamların bizə qarşı müxalifətindən və onların gətirdikləri əsassız dəlillərdən də bəhs edin! Qocur yaylağında, qardaşınız kolonel Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı. 1870-ci il, iyun ayı * * * Cəlaləddin Mirzəyə Nəvvabi-əşrəf, yüksək və böyük alinəsəb şahzadə Cəlaləddin Mirzə həzrətlərinə ərz edirəm Allah onun ömrünü uzun etsin! Bu ilin səfərül-müzəffər ayında könlüm zəmanənin mənimlə düz gəlmədiyindən pərişan idi və mən müasirim olan qüdrət sahibi həmvətənlərimin, həmxalqlarımın və həmməzhəblərimin elm və sənaye sahəsində tərəqqi etmələri naminə irəli sürdüyüm bir sıra tədbirləri qəbul etməkdən boyun qaçırdıqlarına görə fikir və qəm dəryasına dalaraq oturmuş və öz xəyalımda bu beytləri oxuyurdum: Bu daimi olmayan dünyada mənim ömrüm Həsrət və qüssə ilə başa çatdı. Vətən sevgisi çoxluğunun üzündən, Çox tədbirlərə əl atdım, Ancaq səyim bir nəticə vermədi. Bu əsrdə bir könül sahibi görmədim. Türklərin və İran torpağının böyükləri Hamısı Çin xalqı kimi yatmışlar. Cavanlığım getdi, qüvvəm puç oldu, Zövqlü və ehtiraslı bir cavan görmədim. Dəniz yolu ilə Ruma səfər etdim Yeni əlifbanı o ölkədə – Bütün dövlət başçılarına göstərdim. Fikrim çiy deyildi, çox pişkin idi. Birər-birər mənə “Yüz sağ ol!” dedilər. Dünya gözümdə behişt bağına döndü, Mənə böyük cəlal düzəltdilər, Şaha layiq peşkəşlərlə əzizlədilər. Dünya muradımca idi, fələk mehribandı. Mənimlə qələbə arasındakı fasilə bir addım idi. Birdən bir sarı üzlü kişicik – Mənim arzu piyaləmə zəhər damızdırdı. Onun vəzirlərin yanına yolu vardı, Məni dinin və dövlətin düşməni kimi qələmə verdi, O, türkləri dəhşətə saldı, Dövlət şurası başçılarını (qorxutdu). Çarəsiz Rum torpağından qayıtdım, Orada qalmaq mənim üçün uğursuz idi. Bu nəticəsiz gedib gəlmək haqqında – Oradan Tehrana xəbər göndərdim. Elmlər vəzirinin adına – Ürəyəyatan bir məktub yazdım. Yeni əlifbanı ona nişan verdim, Onun üçün behiştə yeni bir qapı açdım. Təəssüf ki, bu vəzir mənə cavab vermədi, Arzu etdiyim kimi əlimdən tutmadı. Bəxtin qapısı üzümə açılmadığına görə, Bu əlçatmaz arzudan əl çəkdim. Bu işi, bu zəhmət və əziyyəti başa çatdırmağı Gələcək nəslə tapşırdım. Birdən aligövhər cavanlardan olan cənnətməkan Nizamüddövlənin oğlu Əli xanın nökəri onun tərəfindən mənə belə bir məktub gətirdi: “Dünya mədəniyyətindən xəbərdar olub, görkəmli alim sayılan həzrətəşrəf, alinəsəb şahzadə Cəlaləddin Mirzə sizi xatırlayıb başınızı ucaltmış və hədiyyə olaraq sizə bir kitab göndərmişdir. Odur ki, həmin qiymətli kitabı görmək üçün gərək zəhmət çəkib mənim mənzilimə gələsiniz!” Təəccüb edərək, öz-özümə dedim: – Əcəba, sübhan-allah! Bu nə xəbərdir? Məgər mənim xalqımın içərisində də elə bir adam tapıla bilərmi ki, dünya mədəniyyətindən xəbərdar olub, qeyrət və təəssübə malik olmuş olsun? Vətənpərvərlik və xalqsevərlik nəşəsini başa düşsün? Belə isə mən nə üçün bu xalqdan naümidəm? Bu sözləri dedikdən sonra vəcdə gəldim, pərişan könlüm sevincdən çiçəkləndi. Ayağa qalxdım və Əli xanın mənzilinə gedib, mübarək kitabınızı ziyarət etdim. Həzrət-əşrəfinizin məktubunu oxuyub min dillə öz minnətdarlığımı bildirib çox təəssüf edirəm ki, indiyə qədər həzrət-əşrəfinizi görməmişəm. Lakin bir şeydə özümə təsəlli verirəm ki, sizin əziz adınızı dilimdə əzbər etmək və qiymətli hədiyyəniz olan bu mübarək kitabı hər dəqiqə gözümün qarşısında saxlamaqla sizi yad edəcəyəm. Həzrət-əşrəfinizin xidmətinə ərz edirəm ki, kitab və məktubunuz çatıncaya qədər mən sizin fəzilət və kəmalınız, habelə vəziyyətiniz haqqında olan həqiqətlərdən o qədər də xəbərdar deyildim. Sizin haqqınızda birinci dəfə mənə alicənab cavanlardan olan Əli xan o qədər yüksək məlumat vermişdir ki, gecə-gündüz sizi görmək həsrətindəyəm. Bilmirəm, sizin əziz vücudunuzu görməyə ömrüm vəfa edəcəkdirmi? Görəsən elə bir vasitə olacaqdırmı ki, sizin əziz vücudunuzu görmək şərəfi və sevinci mənə qismət olsun? Sizin göndərdiyiniz əziz kitabın mənə xoş gəlməsi haqqında ancaq öz tərif və təqdirimi söyləyə bilərəm. Bu kitab xüsusilə ona görə təqdirə və tərifəlayiqdir ki, həzrətəşrəfiniz [bu əsəri yazarkən] ərəb sözlərini bütünlüklə fars dilindən atmışsınız. Kaş, başqaları da sizin kimi edəydilər və dünyanın ən şirin dillərindən olan dilimizi ərəb dilinin istilasından azad edəydilər. Həzrət-əşrəfiniz fars dilini ərəb dilinin istilasından azad edirsiniz. Mən də xalqlarımızı ərəb əlifbasının əsarətindən azad etməyə çalışıram. Kaş üçüncü bir adam da tapılaydı ki, xalqları ərəblərin gətirdiyi bir çox pis adətlərdən azad etməyə çalışaydı. Bu ərəblər bizim minillik tarixi olan yüksək şöhrətə malik ədalətli dövlətimizi zavala uğratdılar; yer üzünün cənnəti sayılan vətənimizi xarabazara döndərdilər, bizi bu cür zəlil, başıaşağı edib, kölə və miskin vəziyyətə saldılar. Kaş, elə bir şəxs olaydı ki, bizi bu vəziyyətdən azad edəydi. Lakin bu şəxs mənim təbiətimə zidd olan peyğəmbərlik, imamlıq yolu ilə deyil, filosofluq, alimlik yolu ilə meydana çıxaydı. İndi ki, qeyrətin çoxluğundan həzrət-əşrəfiniz belə bir çətin işə, yəni əsər yazmaq işinə əl atmısınız, mən arzu edirəm ki, əgər mümkün etsəniz, bizim babaların yadigarı olan Yəzd atəşpərəstlərinin yazılarından və tarixi kitablarından bəzi tarixi xəbərləri və rəvayətləri əldə edərək, onları da beşinci kitab adı ilə əsərinizə daxil edəydiniz. Ərəblərin istilası nəticəsində bu yazıqların başına nə müsibətlər gəldiyini biz hələ müfəssəl şəkildə bilmirik. Bu tayfanın qədim vəziyyəti, onların padşahlarının hakimiyyət üsulu və qanunları haqqında bizim bildiklərimiz ancaq icmaldan ibarətdir. Atəşpərəstlərin öz kitablarından alınan tarixi xəbərlər oxucular üçün həm yeni, həm də maraqlı ola bilər. Yəzd mahalında yaşayan atəşpərəstlərin öz dillərində və öz əlifbaları ilə kitablarının olub-olmadığını bilmirəm. Eşitdiyimə görə atəşpərəstlərdən bir qədəri Hindistanda yaşayır. Onların kəcərati dilində kitabları vardır. Yəzd mahalında yaşayan atəşpərəstlərin də kəcərati dilində kitablara və kəcərati əlifbasına malik olmaları ehtimal olunur. Bu məsələni yazdığıma görə məni bağışlayın! Çünki siz məktubunuzda mənə xəyalıma nə gələrsə, yazmağımı buyurmuşdunuz. Ona görə də bu məsələni yazdım, başqa bir şey fikrimə gəlmədi. Bir də mənim bəzi əsərlərim var ki, doğrudan da həzrət-əşrəfinizin mütaliəsinə layiq görülə bilər. Lakin təəssüf ki, bəzi səbəblərə görə onların çoxu hələ çap edilməmişdir. Onlardan biri mənim türkcə “Təmsilat”ımdır. Bu əsərləri yazmaqdan məqsədim, öz xalqımı Avropada məmul olan dram və teatr sənəti ilə tanış etmək idi ki, bəlkə mənim başqa həmvətənlərim də son dərəcə faydalı olan bu gözəl sənətin şərtləri və tələbatı ilə tanış olub, bu cür əsərlər yazmağa başlasınlar. Bu məqsədlə də öz komediyalarımdan bir nüsxəsini həzrət-əşrəfinizə göndərirəm. Mümkündür ki, burada olan bəzi əsərləri Avropa teatrlarında olduğu kimi, xüsusi geyimlərlə bəzəndirilmiş personajların vasitəsi ilə hərdənbir dostların yığıncağında tamaşaya qoydurub, həzz alasınız. Bundan başqa, oxunması maraqlı olan Süruş haqqında yazdığım tənqidin da surətini sizə göndərirəm. Bir də əgər həzrət-əşrəfiniz sizə ixlası olan mənimlə iltifat üzündən məktublaşmağı davam etdirərək, öz fikir və planlarınız haqqında hərdənbir mənə yazsanız, özümü xoşbəxt adamlardan biri hesab edərəm. Mən də öz növbəmdə, sizin hər bir məktubunuza dərhal cavab yazıb, həzrət-əşrəfinizin qiyabi mərhəməti ilə kədərli könlümə təsəlli verəcəyəm. Sizə ixlası olan Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı. 15 iyun 1870-ci il, Tiflis şəhəri * * * Cəlaləddin Mirzəyə Tehrana, Fətəli şah Qacarın oğlu şahzadə Cəlaləddin Mirzə həzrətlərinə 1870-ci il sentyabr ayının sonlarında yazılmış ikinci məktubun surəti Həzrət-əşrəf, yüksək və böyük, alinəsəb şahzadə Cəlaləddin Mirzənin hüzuruna ərz edirəm. Həzrət-əşrəfinizin əziz məktubu iyul ayında yetişərək, sonsuz minnətdarlığıma səbəb oldu. Təəssüf edirəm ki, mən məktublarımı sizin kimi, ərəb sözlərinin qarışığı olmadan xalis fars dilində yaza bilmirəm. Çünki uşaqlıqdan fars dilini belə öyrənmişəm. İndi isə bu adəti tərk etmək mənim üçün çox çətindir. Məndə günah yoxdur. Ərəblərin evi yıxılsın! Bu barədə məni bağışlamalısınız. Sizin məktubunuzu əvvəldən axıra qədər dönə-dönə oxudum. Əhvalınızdan tamamilə xəbərdar oldum. Sizin hümmətinizə, zövqünüzə və incə nüktələri anlamaq qabiliyyətinizə və hər işdən agah olmağınıza afərinlər söylədim. Zərdüştilərin əhvalatını, əlbəttə, necə ki, məsləhət görürsünüz, eləcə də yazacağınızı ümid edirəm. Bundan başqa, əgər mənim yazılarımda bəzi fransız kəlmələrinin imlası əslində olduğu kimi yazılmırsa, bunun səbəbi odur ki, bir tərəfdən, mən özüm fransız dilini bilmirəm, digər tərəfdən isə bir çox qüsurları olan bizim əlifbamız xarici dillərdən alınan kəlmələri düzgün ifadə edə bilmir. Ümid edirəm ki, bu məsələdə də məni bağışlayacaqsınız. Lakin mən rus dilini yaxşı bilirəm. Hazırkı əsrdə rus dili həm inşa cəhətdən, həm də başqa cəhətlərdən gündən-günə tərəqqi edir və incə mətləblərin ifadəsi üçün doğrudan da misilsiz bir dildir. İndi isə mətləb üstünə gələk. Köhnə islam əlifbasını dəyişdirməyin din, dövlət, ölkə və xalq üçün nə qədər faydalı bir iş olduğuna dair bu məktubda müfəssəl dəlillər gətirməklə başınızı ağrıtmaq istəmirəm. Hələ inişil bu məsələyə dair yazıb tərtib etdiyim bir neçə layihə və kitabçanı Tiflisdəki İran konsulxanası vasitəsilə Tehrana, Maarif Nazirliyinə göndərmişəm. Bu günə qədər mənə cavab verməmişlər. Bilmirəm, bu sənədlər Maarif Nazirliyinə çatmış və məni cavabsız qoymuşlar, ya onlara çatmamışdır. Xahiş edirəm ki, cənabınız lütf edib, guya mənim tərəfimdən deyil, başqa bir vasitə ilə xəbər tutmuş adam kimi bu məsələni öyrənəsiniz ki, kitabça çatmışsa, cavabının verilməsinə nə kimi bir hadisə və ya nə kimi fikir səbəb olmuşdur?! Yazmışsınız ki, “ərəblərin əlindən qəlbim qana dönmüşdür”. Düzdür, mən də sizin sözünüzə şərikəm. Bəs nə üçün bu fikrinizi ərəbləri üluhiyyət məqamının şəriki hesab edən kirmanlı Hacı Kərim xan Qacara demirsiniz? Bağışlayın, bunu yazmaqda səhv edirəm. Çünki siz buyurmuşsunuz ki, dodağınızı tərpətməyə belə ixtiyarınız yoxdur. Belə isə, sizin qəlbinizə təsəlli vermək üçün bir nəfər adamı sizə nişan verirəm ki, hərdənbir onunla söhbət etməklə dərd-qəminizi dağıdasınız. Son zamanlarda İranın Parisdə olan səlahiyyətli naziri Mirzə Yusif xan Tehrana çağırılmışdır. Hazırda oradadır. Mənim nəzərimdə, bu şəxs dünyanın bütün möbidləri, ağıllıları və filosof təbiətli adamları içərisində əvəzsiz bir insandır. Mənim etiqadımca, indiki dövrdə İran şahının belə bir fərasətli, düşüncəli, inamlı və dövlətsevən qulluqçusu yoxdur. Cənabınız həmin Mirzə Yusif xanla tanış olub, onun İran dövlətinin mənafeyi və islam xalqlarının tərəqqisinə aid yazmış olduğu kitabçalarını oxuyun! Siz “Vəzir və rəfiq” kitabçasını da onda görə bilərsiniz. Bu kitabçanın nüsxəsi məndə yoxdur. Əgər onunla xüsusi dostluq yaratmış olsanız, “Hidayətlə söhbət” və ehtimal edilə bilən bəzi başqa şeyləri də onun yanında tapa bilərsiniz. Ruhül-qüds həzrətləri Mirzə Yəqub xanın oğlu Mirzə Melkum xandır ki, onun əsərlərini oxuyarkən mənə üz verən sonsuz sevinc, vəcd təsirinin nəticəsində bu ləqəbi ona mən vermişəm. “Vəzir və rəfiq” kitabçası onun əsəridir. Ruhül-qüds bu son günlərdə islam əlifbasının dəyişdirilməsinə dair bir kitabça yazmışdır ki, onun həqiqəti söyləyən məzmununu oxumaqdan insan mənəvi ləzzət alır. Arzu edirəm ki, şahzadə həzrətləri Ruhül-qüdsün bu kitabçasını oxuyub, bu xüsusda öz fikrini və təəssüratını mənə yazsınlar. Bu kitabçadan Mirzə Yusif xanda vardır. Dövləti xidmət işlərində Mirzə Yusif xanın vəziyyəti bir qədər pərişan idi. Bu cəhətdən çox nigaranam. Əgər onun işləri yaxşı nəticə ilə başa çatmışsa, ümid edirəm ki, onun müjdəsini yazıb, məni təşvişdən qurtarmaqla, həmişə özünüzə minnətdar edəcəksiniz. Vəd etdiyiniz dastanın gəlib çatacağının intizarındayam. Hazırda Tiflis şəhərində şiddətli vəba xəstəliyi vardır. Mən də bu günə qədər tək-tənha Qocur yaylağında qalmışam və xəstələnməyin qorxusundan şəhərə qayıda bilmirəm. Yaylaqda isə soyuq bizi sinsidib və qəlbimizi pərişan edib. Məktubu uzatmaq istəyirdim. Lakin yeni və maraqlı bir mətləb xatirimə gəlmədi. Sizə ixlası olan kolonel Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı. 1870-ci il, sentyabrın sonlarında, Qocur yaylağında * * * Ruhül-qüdsə Ruhi-rəvanım Ruhül-qüds! Bu ilin 25 aprelində yazdığınız məktubun cavabını həmin ilin iyun ayında, keçmişdə Münif əfəndiyə məktub göndərdiyim Stepan əfəndinin vasitəsilə göndərmişdim. Bilmirəm, o məktub sizə yetişmişdir, ya yox? Əgər yetişmişsə, onun cavabını göndərməyinizi gözləyirəm. Əgər məktub çatmamışsa, Stepan əfəndidən onu tələb edin! Hər halda, mən sizin cavabınızı gözləyirəm. Məni nigarançılıqdan qurtarın! Bir də mən bir məsələ haqqında son dərəcə təşvişə düşmüşəm ki, qəlbən sevdiyim və sonsuz inandığım Münif əfəndi nə üçün gərək mənim yazılarıma cavab göndərməsin. Hətta, mən bu xüsusda ona teleqram göndərib cavabının pulunu da Tiflisdə verdim və təcili cavab verməsini xahiş etdim. Lakin yenə də cavab almadım. Bu məsələ məni çox təşvişə və heyrətə salmışdır ki, cənab Münif əfəndinin mənə qarşı belə etinasızlığının səbəbi nədir? Münif əfəndinin bu cür münasibətinin səbəbini mənə tezliklə xəbər verib, nigarançılıqdan qurtarmağı acizanə surətdə sizdən xahiş edirəm. Əlifba haqqında mən öz kömək və xidmətimi sizdən əsirgəməyəcəyəm. Bu xüsusda fikrimə gələn hər bir şeyi, o ölkənin qanacaqlı adamları və bu məsələnin tərəfdarları nəzərində aydınlaşdıracağam. Özünüz bilirsiniz ki, mənim əlifba haqqındakı fikrimin müvəffəqiyyətlə başa çatmasından qeyri heç bir arzum yoxdur. Lakin dostlar məktublarıma cavab göndərmədikdə qəlbim sıxılır. Axı, mən dostlarımın xeyrini istəyirəm. Əgər mən xeyirxah adam deyiləmsə, nə üçün sizin tərəqqiniz, elmləri öyrənməyiniz, mədəniyyətə yiyələnməyiniz üçün on ildən artıqdır ki, hey bağırıram: qardaşlarım, əlifbanızı dəyişdirin! Belə olduqda mənim məktublarımı cavabsız qoymaq rəvadırmı? İyun ayında əlifba məsələsinə dair cənabınıza bir məktub yazmışdım. Həmin məktubda sizdən kiçik bir şeyi, yəni əlifbanı dəyişdirməyin lazım və düzgün bir iş olmasına dair fransız dilində bir məqalə yazıb, “Konstantinopol” qəzetində çap etdirməyi xahiş etmişdim. Bu günə qədər o məktubumun sizə çatmasına dair məlumat almamışam. İyun ayında yazdığım məktub çox vacibli idi. Onun çatmasına dair xəbər almadığıma görə çox nigaranam. Bəlkə o məktub itmişdir? Əgər doğrudan da məktub sizə çatmamışsa, yazıb bildiriniz ki, surətini çıxartdırıb sizə göndərim. Xülasə, cənab Ruhül-qüds! Sizi and verirəm qəlbimdə sizə bəslədiyim məhəbbətə, Münif əfəndinin mənim məktublarıma cavab yazmamasının səbəbləri və iyun ayında göndərdiyim məktubun sizə çatıb-çatmaması haqqında xəbər verməklə, məni tezliklə nigarançılıqdan xilas edin! Mən bu xüsusda çox nigaranam. İyun ayında yazdığım məktubda şəklimi göndərəcəyimi sizə vəd etmişdim. Odur ki, həmin zərfin içərisində göndərirəm. Qardaşınız kolonel Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı. 1870-ci il, 25 oktyabr, Tiflis şəhəri MİRZƏ FƏTƏLİ AXUNDZADƏNİN 1870-ci İLDƏ Fətəli şah qacarın oğlu şahzadə cəlaləddin MİRZƏYƏ GÖNDƏRDİYİ AZƏRBAYCANCA “TƏMSİLAT”ın Bir səhifəsində yazmış olduğu mətləbin surəti Bu cür əsərlərin əsas məqsədi əxlaqı yaxşılaşdırmaqdır. Avropanın mütəfəkkirləri və filosofları anlamışlar ki, insanların təbiətindən və tinətindən eybləri və pis əməlləri ancaq məsxərə və istehza vasitəsilə rəf etmək olar. Buna görə də, onların istilahınca dram fənni adlanan bu cür əsərlər yazmağa başladılar və bundan sonra teatr adı ilə məclislər və cəmiyyətlər təsis etdilər ki, eyib və pis əməl sahiblərinin surətini xalqın qarşısında göstərib, yaramaz adamların çirkin işlərini mücəssəm etsinlər ki, camaat onlardan ibrət alıb, pis və çirkin əməllərdən uzaqlaşsın. Əgər əslində fars olub, türkcəni lazımınca bilən Tehran ziyalılarından biri bu “Təmsilat”ı kitabda göstərilən şərtlər və qaydalar üzrə, bir şey əskiltmədən, sözçülüyə və qafiyəpərdazlığa yol vermədən, farsların yazı qaydalarına deyil, danışıq qaydalarına əsasən, sadə bir şivə ilə türk dilindən fars dilinə tərcümə və çap edib yayarsa, həm xalqa böyük xidmət etmiş olar, həm də özü bu kitabı satmaq yolu ilə çoxlu qazanc əldə edə bilər. * * * Mirzə Melkum xana Cənab Ruhül-qüds! “Kəmalüddövlə”nin mükəmməl nüsxəsini sizə göndərmək istəyirəm. Lakin onu sizin özünüzün məsləhət gördüyünüz şəxsdən başqa, sizə gətirmək üçün heç kəsə tapşıra bilmərəm. Bir də sizin ikinci məktubunuzdan mən və Şeyxülislam sizin İstanbuldakı hazırkı vəziyyətinizi başa düşdük ki, nədənsə, qəlbiniz bir qədər kədərlənmişdir. Əlbəttə, bu ürək sıxıntısının başqa bir səbəbi yoxdur. Səbəb ancaq odur ki, sizin müasirləriniz fikrinizi və sözlərinizi başa düşmürlər və lazım olan hümmət və qeyrətə malik deyildirlər. Mən özüm də on ildən artıqdır ki, belə bir ürək sıxıntısına mübtəlayam. Yadınızdadırmı, mən İstanbula gəldikdə sizdən başqa bir nəfər də olsun məni tanıdımı ki, kiməm, nə üçün gəlmişəm və nə deyirəm? Hətta bəzi yerlərdə, xüsusilə İran səfarətxanasında mənim fikrimə güldülər də. Nəhayət, İran səfiri məni töhmətləndirdi də! İstanbuldan mən kədər və təəssüflə qayıtdım. Bununla belə, yenə də öz fikrimdən əl çəkə bilmədim. Mən və siz belə bir təbiətdə yaranmışıq. Biz gərək ömrümüzün sonuna qədər bu yolla gedək. Mənə və sizə, təbiətimizin xüsusiyyətinə görə başqa bir yolla getmək üçün imkan yoxdur. Kaş, anadan doğulmayaydıq! Doğulsaq da, kaş başqaları kimi olaydıq ki, yeməkdən, içməkdən, geyinməkdən ləzzət alıb, nəticəsiz öz aqibəti olmayan arzu və məqsədlər ardınca gedəydik! Vallah, müasirlərimin vecsiz olması nəticəsində yaşayış mənə haram olmuşdur. Zəhərdən acı bir həyat keçirirəm. Mənim üçün sizin kitabçanızdan daha yaxşı və daha yüksək və həvəsləndirici bir şey ola bilməz. Əlifba məsələsi, xahiş etdiyim kimi, “Konstantinopol” qəzetində çap edildikdən sonra sizə bəzi başqa şeylər də yazacağam ki, yeri gəldikcə, zikr edəsiniz. Xülasə, hər cür müvəffəqiyyətsizliyə dözmək və qatlaşmaq lazımdır. Səbr etmək lazım gəlir ki, əcəl gəlib çatsın, bu dünyanı tərk edən və bədbəxt xalqımızın tamamilə ölüb ortadan getməsini heç olmazsa, öz gözümüzlə görməyək! Mənim bu məktubumun hansı vasitə ilə sizə yetişdiyini İran səfarətxanasına bildirməyin! Mən doğrusu, səfirdən çox şübhələnirəm. Ola bilsin ki, səfarətxanadan Stepan əfəndini hədələyib tapşırmışlar ki, mənim məktublarımı sizə çatdırmasın. Hər halda siz mənim keçmiş məktublarımı axtarın! Çünki ikinci məktubumda şəklimi də sizə göndərmişdim. Qardaşınız kolonel Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı. 1870-ci il dekabrın 27-də. Tiflis şəhəri * * * Mirzə Mustafa xana Əzəmətli ağam, böyük əmirlər nəticəsi, xaqana yaxın olan mötəmənüssultan, yüksək mənsəbli, cəlal sahibi, hörmətli xarici işlər nazirinin birinci müavini Mustafa xan, Allah onun iqbalını daimi etsin, mülahizə Buyuracaqlar Əzəmətli ağam Mirzə Mustafa xan, Allah cəlalınızı artıq eləsin! Son dərəcədə təəssüf edirəm ki, məsafənin uzaqlığı və bizi bir-birimizlə görüşdürə biləcək vasitələrin və təsadüflərin olması məni sizin əziz vücudunuzu görməkdən məhrum etmişdir. Lakin cənabınız, fitri nəcabətinizin tələbi ilə və təbii hüsn-əxlaqınızla məni görmədən və tanımadan, uzaqdan-uzağa yad edib mənim tərəfdarım, fikirlərimin müdafiəçisi olmuşsunuz. Bu nəcib münasibətinizin müqabilində sizə təşəkkür edirəm; həm də təkcə təşəkkürlə kifayətlənməyib, sizin əziz adınızı yeni əlifbanın həyata keçirilməsi uğrunda mübarizə aparanlar, və mənə kömək edənlərin adlarının sırasında qeyd edərək müasirlərimizin tanıması, oğullarınız və nəvələrinizin gələcək əsrlərdə xeyirlə yad etməsi üçün öz sağlığımda nəşr etdirəcəyəm. Çünki sizin kimi adamların köhnə islam əlifbasını dəyişdirmək uğrunda sərf etdiyi zəhmətlər bizim ölmüş millətimizin yenidən dirilməsinə səbəb olduğu üçün, sizə təşəkkür edib və sizi tərifləmək üçün vacib bir iş sayılacaqdır. Cənabınızın bu məsələ barəsindəki səyləriniz haqqında alinəsəb və gözəl xasiyyətdə olan cavanlardan Əli xan bu günlərdə mənə müfəssəl məlumat vermişdir. Bu tarixdən etibarən mən sizin səylərinizin istənilən nəticələri verməsi ümidi ilə min cür sevinc və ruh yüksəkliyi ilə yaşayacağam. Sizdən xahiş edirəm ki, Darül-xilafədə (Tehranda) sizin mənzilinizdə təşkil ediləcək paytaxt ziyalılarının məclisində də müşavirəyə başlamazdan əvvəl islam əlifbasını dəyişdirməyin lüzumu haqqında Mirzə Melkum xanın yazmış olduğu kitabçanı oxuyasınız. Bu kitabça hazırda müqərrəbül-xaqan Mirzə Yusif xanda vardır. Bundan sonra məclis üzvlərinin məsləhət görəcəyi hər bir qərarı həyata keçirərsiniz. Əzəmətli ağam Əli xandan çox-çox razıyam ki, məni cənabınızla tanış etdi. O məni İranın sizin kimi bir çox nəcib və böyük adamları ilə tanış etmişdir. Təəssüf edirəm ki, Tiflis belə bir cavanın misilsiz vücudundan məhrum oldu. Onun buradan getməsi hamıya çox böyük təsir etmişdir. O, konsul vəzifəsində çalışdığı halda, böyük Rusiya dövlətinin hakim dairələrində özünü ləyaqət və əzəmət cəhətdən bütün nazirlərdən və səfirlərdən daha yüksək tanıtdırmışdır. O, Rusiyada yaxşı bir ad qoyub getdi və həqiqi aristokratlığın mənasını bu vilayətin böyüklərinə layiqincə anlatdı. Doğrudur, bu işin onun öz kisəsinə böyük zərəri var idi. Lakin Allah kərimdir. O, dirhəm və dinar təmənnasında olmayıb, öz dövlətinin adını və şöhrətini yüksəltməyi sevirdi. Kaş, dövləti-əliyyeyi-İranın bütün xarici ölkələrdə xasiyyətinin yaxşılığı, hümmətinin yüksəkliyi, dünyanın işlərindən geniş xəbərdarlığı, iş bacaranlığı və sağlam fikir sahibi olması ilə Əli xana oxşayan bir çox məmurları olaydı... Allah sizi hifz etsin və sizə kömək olsun! Kolonel Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı. Hicri 1287-ci il, şəvval ayında [yanvar, 1871-ci il] * * * Əli xana Əzəmətli ağam Əli xan! Allah cəlalınızı daimi etsin! Ramazan ayının 16-da yazdığınız məktub nə şirin məktub idi. Onu oxumaqdan aldığım ləzzət hələ də damağımdadır. Pak allah həzrətləri sizi dünyada kama çatdırsın ki, bu məyusluq günlərimdə mənə ümid müjdəsi verdiniz. Əlifba məsələsini, əlbəttə, sərkarın buyurduğu kimi, sona çatdıracaqsınız və məni sonsuz sevincə və minnətdarlığa nail edəcəksiniz. Bununla da siz, xalqımız üçün dünyada xeyir bir işin binasını qoyacaqsınız. Cənabınıza məlum edirəm ki, Ruhül-qüdsün kitabçasını oxuduqdan sonra, mən sözlərin tərkibində biri digərindən ayrı və fasiləli hərflərin bitişən hərflərdən çox üstün olduğunu yəqin edərək, təsdiqləyirəm ki, əlifbamız xaçpərəstlərin əlifbası kimi soldan-sağa yazılıb və oxunmalıdır. Buna görə də mən sizə məsləhət görürəm ki, əgər bu xüsusda müşavirə çağırsanız, orada iştirak edənlərə təklif edəsiniz ki, yazmaq, oxumaq və habelə kitab çap etmək işlərini asanlaşdırmaq xatirinə Melkum xan tərəfindən bir az əvvəl tərtib edilmiş və nümunələri mənim tərəfimdən Maarif Nazirliyinə göndərilmiş soldan-sağa yazılan fasiləli və bitişməyən hərfləri qəbul etsinlər. Əgər müşavirənin iştirakçıları Melkum xanın ixtira etdiyi hərfləri qəbul edərlərsə, Tehranda qəbul edilən əlifbanın yazılışı ilə İstanbulda qəbul ediləcək islam əlifbası arasında bir uyğunluq əmələ gələcək və beləliklə də islam yazısı hər iki ölkədə bir qayda ilə yazılacaqdır. Siz bu məsələni elmli adamların məclisində şəxsən özünüz izah edin, sonra isə işin nəticəsini və əlifbanın islahı, ya dəyişdirilməsi qaydalarını onların öz ixtiyarına və məsləhətinə veriniz! Mənim məqsədim köhnə islam əlifbasının dəyişdirilməsi və ya islahıdır. Qoy, fəzilət sahibi olan adamlar bu işi öz səliqələrinə uyğun, necə ki, bilirlər, o cür də həyata keçirsinlər. Əzəmətli ağam! Vaveyla, vamüsibəta! Deyirlər ki, bu günlərdə Müşirüddövlə cənabları padşahla bərabər paytaxta gəlib. Bilmirəm, canıma bəla kəsilmiş bu adamın əlindən haraya qaçım və kimin qoltuğuna sığınım?! Əgər o, Tehrana gələrsə, əlifbanı dəyişdirmək məsələsini necə həyata keçirmək olar? Xülasə, bu işin də çarəsini yenə də cənabınız tapmalısınız. Əgər o, Tehrana gələrsə, mənim haqqımda yenə də böhtanlar və iftiralar uyduracaqdır. Onun sayəsində onillik zəhmətim hədərə getdi, Fəryadım yerdən göyə yüksəldi. Pak Allah mənim dadıma çatsın, Qiyamətin günü mənim qisasımı ondan alsın. Zərfin içində Mirzə Mustafa xana da bir məktub yazıram və ona çatdırmağınızı xahiş edirəm. Məktubun məzmunundan xəbərdar olmağınız üçün onun surətini də sizə göndərirəm. Bundan başqa, alinəsəb, yüksək məqamlı şahzadə Cəlaləddin Mirzə həzrətlərinə təşəkkürümü və minnətdarlığımı bildirirəm ki, mənim komediyalarımın tərcümə edilməsi barədə göstəriş vermişlər. Habelə bu zəhməti öhdəsinə götürdüyü üçün Mirzə Cəfərdən çox razıyam. Onun tərcümələrini islah etmək zəhmətini qəbul etmiş İmamqulu xana da öz razılığımı bildirirəm. Bu məsələdə qızğın hümmət və qeyrət göstərən cənabınıza da son dərəcə minnətdaram. İnşallah tərcümələr çapdan çıxdıqdan sonra ya siz özünüz, ya da müqərrəbül-xaqan Mirzə Yusif xanın vasitəsilə ondan hədiyyə olaraq 3-4 nüsxə mənə göndərərsiniz. Sizin Tiflisdə olmamağınız hamıya, xüsusilə mənə çox ağır təsir edir. Sizin qədrinizi ayrıldıqdan sonra bildim. Sizin Tiflisdə qaldığınız üç il ərzində keçən günlər, mənim ömrümün hesabında Qədr gecəsinin ilin başqa gecələrinə görə qiymətli və əziz olduğu qədər qiymətli və əzizdir. İndi isə, mənim munisim Şeyxülislam cənablarıdır ki, sizə dostluq salamı göndərir. Hər gün gözüm sizin vəzifəyə təyin olunmağınızın müjdəsini gətirən qasidin yolunu gözləyir. Rəşid paşa sizə salam ərz edib əlinizi öpür. Mənim arvadım və böyük qızım sizin möhtərəm arvadınıza çoxlu salam yetirir. Nisə xanım sizin qızlarınıza dostluq salamı göndərir və onları bir an da olsun unuda bilmir. Gözümün işıqları olan Hüseyn paşanı və Nəssullah xanı əvəzimdən öpün! Xudavəndi-aləm onları səadətə və uzun ömrə nail etsin! Fransızların vəziyyətindən çox da naümid olmayın. Bu günlərdə onların işi yaxşılığa doğru gedir. İnşallah bu yaxınlarda onların nicat tapmasının müjdəsini eşidəcəksiniz. Əzəmətli ağam! Qəribə bir hadisə üz vermişdir ki, mənim ürəyimi çox sıxır. Müqərrəbül-xaqan Mirzə Yusif xanın Mirzə Əsədulla xana yazmış olduğu məktubdan görünür ki, mənim iki-üç gecə sizin mənzilinizdə gördüyüm və Misirdə vəzifəyə təyin olunmuş Mirzə Sadiq Kaşi Təbrizdən keçərkən, kim isə ona haqqında yazılmış bir həcvi nişan verib demişdir ki, bu həcvi guya mən, Mirzə Fətəli yazmışam. Yəqin, sizin əziz xatirinizdədir ki, Qocurda Hacı Mirzə Əbülfəz bu adam haqqında bəzi-bəzi sözlər danışırdı. Hətta deyirdi ki: “Şamilin Quranını oğurlamışdır”. Mən isə etiraz edirdim və razı olmurdum ki, o Hacı bu yazıq adam haqqında o cür sözlər danışsın. Neçə ola bilər ki, mən qərəzsiz halda şərbaz adam olum? Mənə yaraşan işmidir ki, günahsız adamlar haqqında, xüsusilə belə bir fağır və peyğəmbər övladı olan adam haqqında həcvnamə yazım? Siz Tiflisdə olduğunuz müddətdə mən elə bir şey yazmamışam ki, sizə oxumamış və ya göstərməmiş olam. Mən bu yazıq insan haqqında nə zaman həcvnamə yazmışam?! Siz özünüz şahidsiniz ki, mən həmişə sizin yanınızda onun bədbəxtliyinə ürəkdən acıyıb heyfsilənirdim. Xahiş edirəm ki, öz şahidliyiniz vasitəsilə məni üstümə atılan bu böhtandan xilas etməyə çalışasınız. Cənab Mirzə Yusif xanı və başqalarını da inandırın ki, həcvnamədən mənim heç bir xəbərim yoxdur. Allaha pənah! Nə çirkin bir böhtandır ki, mənim üstümə atmışlar! Sizə səadət və cansağlığı arzu edirəm. Sizin səmimi dostunuz Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı. 1287-ci il, hicri, şəvval ayında [I-1871] * * * Mirzə Melkum xana Ruhi-rəvanım, Ruhül-qüds! Nəhayət, mənə məlum oldu ki, məktublarımı sizə çatmağa qoymurlar. Bunun səbəbi nədir? Bu bədbəxt adamın kim olduğunu bilmirəm, siz özünüz orada arayıb axtarın. Bu qədər deməliyəm ki, mən vəziyyəti olduğu kimi və müfəssəl surətdə sizə yazıram. 1287-ci il ramazan ayının 25-də Ağa Mirzə Həsənlə görüşdükdən sonra yazdığınız məktub yetişdi. Məlumunuz olsun ki, Mirzə Yusif xan Tiflisdən keçib getdikdən sonra aprel ayının 25-də yazmış olduğunuz məktubunuzu alıb, cavabını iyun ayında Tiflisdəki Osmanlı konsulunun müavini Zəri əfəndinin vasitəsilə Stepan əfəndiyə göndərdim. Mən vaxtilə mehriban qardaşım Münif əfəndinin məktubunu da həmin şəxs vasitəsilə göndərmişdim. Lakin o, məktubu sizə çatdırmamışdır. İndi iyun ayında yazdığım həmin məktubun surətini sizə göndərirəm. Bir məktub da 1870-ci il oktyabrın 25-də həmin Zəri əfəndinin vasitəsilə sizin öz adınıza göndərmişəm. Bu məktub da sizə çatmamışdır. Halbuki mən hər iki məktubu “istraxovi”, yəni poçt idarəsinin məsuliyyəti altında göndərmişdim. Mən oktyabr ayında göndərdiyim məktubun da surətini hazırda sizə göndərirəm. Əgər mənim məktublarım sizə çatarsa, onların məzmununa əməl ediniz! Əgər bu məktublar onların adresinə göndərdiyim şəxsin vasitəsilə sizə çatmış olarsa, cavablarını da həmin şəxsə verin ki, zərfin içərisində qardaşına göndərsin ki, o da mənə çatdırsın. Mənim birinci xahişim ondan ibarətdir ki, əlifba məsələsini iyul ayında yazdığım məktubda göstərdiyim kimi, fransız dilində yazıb “Konstantinopol” qəzetində çap etdirəsiniz. Sizin üçüncü məktubunuz mənə yetişməmişdir. Onun da surətini çıxarıb göndəriniz. Eyni zamanda, mənim məktublarımın, şəkillərimin və Rusiya poçtu ilə göndərdiyim qələmdan və davatımın mehriban qardaşım Münif əfəndi cənablarına çatıb-çatmadığını mənə yazıb bildirin! Mən Rusiya poçtunda bu cür nizam-intizamsızlığın baş verdiyinə təəccüb edirəm. Mehriban qardaşım Münif əfəndidən cavab gözləyirəm və mənim göndərdiyim şəkilləri adlarını yazdığım adamlara çatdırıb-çatdırmadığını bilmək istəyirəm. Ruhi-rəvanım, Ruhül-qüds! Bir də siz həm aprel tarixli, həm də ramazan tarixli məktublarınızda məndən əlifbanı dəyişdirmək haqqında fikrimi yenidən yazaraq, dəlillərlə bərabər, vəkalətpənah sədr-əzəm cənablarına bir ərizə ilə göndərməyimi xahiş etmişsiniz. Bu xüsusda mən sizə yazmalıyam ki, birinci dəfə vəkalətpənah sədr-əzəm cənablarına ərizə yazmaq istərkən, mən öz qulluq vəzifəmin tələbinə görə böyüklərimdən, yəni qüdrətli Rusiya dövlətinin başçılarından icazə istəmişdim. Bundan sonra da hər dəfə bu xüsusda böyüklərimdən izacə istəməyə məcburam. Buna görə də mən vəkalətpənah sədr-əzəm cənablarına bundan sonra xüsusi ərizə göndərə bilməyəcəyəm. Ona görə də əlifba haqqında fikrimə gələn məsələləri sizə yazacağam. Siz isə mənim yazdıqlarımı vəkalətpənah sədr-əzəmin hüzurunda oxuyub onun cavabını mənə yazın! Hələlik, xahiş edirəm ki, mənim hər iki məktubumun surətini və indi göndərdiyim şeyləri onun hüzuruna aparıb oxuyasınız. İslam əlifbasının dəyişdirilməsinin lüzumuna dair bütün səbəblər və dəlillər sizin kitabınızda yazılıb və bu məsələ bitmiş hesab olunur. Mənim əqidəmcə, bundan sonra bu xüsusda hər cür dəlil axtarmaq artıqdır. Siz birtəhər ediniz ki, vəkalətpənah sədr-əzəm cənabları sizin bu kitabçanızı əvvəldən axıra qədər ya dinləsin, ya da özü oxusun. Bir də dostların köməyi ilə əlifba haqqında Tehranda çox böyük bir həngamə qaldırmışam. Əgər hazırda şahın rikabında Bağdaddan Tehrana gəlməkdə olan Müşirüddevlə cənabları bu işə xələl yetirməsə və bütün tədbirlərimizi zay etməsə, [işlər yaxşıdır]. Hazırda sizi xəbərdar etmək üçün əlifba məsələsinə dair mənimlə bəzi şəxslər arasında gedən yazışmanın surətini həmin məktubla sizə göndərirəm. Birinci olaraq, müqərrəbül-xaqan Mirzə Yusif xana yazdığım məktubu göndərirəm. * * * Mirzə Melkum xana Mirzə Yəqub xan oğlu Mirzə Melkum xana 1871-ci ilin 8 Martında yazılmış məktubun surəti Ruhi-rəvanım, Ruhül-qüds! Bilmirəm, nə edim ki, məktublarım sizə çatsın? Ağa Mirzə Həsənin dediyinə görə, mənə göndərdiyiniz məktub çatdıqdan sonra, əvvəllər sizə göndərdiyim və sizə çatmayan bütün məktubların surətini çıxararaq, həmin il yanvar ayının 1-də möhkəm bir zərfin içərisində Rusiya buxar gəmilərinin sığorta cəmiyyətinin Tiflisdəki kantoruna təqdim etdim ki, sizə çatdırmaq üçün həmin cəmiyyətin İstanbuldakı kantoruna göndərsinlər. Bu günə qədər sizdən o məktubun cavabını da almamışam. Görünür, bu məktub da sizin əlinizə çatmamışdır. Ona görə də xahiş edirəm ki, bu məktub çatan kimi, həmin cəmiyyətin İstanbuldakı kantorunun rəisi Eduard Rudolfoviç Eleştigerin yanına gedib onunla görüşərək, zərfi ondan istəyəsiniz. Əgər itməmiş olsa, cavabını tezliklə mənə göndərəsiniz! Mən özüm də bu il mart ayının 8-də bu xüsusda baron Eleştigerə məktub yazmışam. Əgər bu məktub itmiş olsa, mənə bildirin ki, məktubların surətini təzədən çıxararaq, sizə göndərim. Bu məktubu çox uzatmıram. Çünki bütün məsələlər o zərfin içərisində təfsilatı ilə yazılmışdır. Zərf əlinizə çatarsa, əlifba haqqında bütün məsələlərlə tanış olacaqsınız. Həmin zərf haqqında yanvarın 15-də Məkkə ziyarətinə gedən Şeyx Məhəmməd Tehraninin vasitəsilə sizə fransız dilində yazıb bildirmişdim. Bilmirəm, sizə çatmışdır, ya yox? Hətta mən o adamdan qəbz almışam və möhkəm söz vermişdir ki, məktubumu mütləq sizə çatdıracaqdır. Mənim fikrimcə, məktublarımın sizə çatmamasının səbəbi rus poçtu deyil, İran səfiri Müşirüddövlənin fitnə-fəsadıdır. Allaha çox şükür ki, hazırda İstanbul onun murdar və xəbis vücudunun çirkabından təmizlənmişdir. Bəşəriyyətin düşməni, despotun rəzil nökəri, mədəniyyət yolunun əngəli, öz şəxsi və nəfsi mənafeyinin qulu, elmsiz, savadsız, fəzilətsiz bir adam kimi, haqlı olmadan yüksək mövqe və cah-calal təmənnasında olan bu adam, məhz öz yalançılığı, məkri, hiyləsi, rəzaləti, güclü və şücaətli adamlar müqabilində tülkülüyü, zəiflər müqabilində isə canavar kimi yırtıcılığı ilə özünü islam xalqlarının xeyirxahlarından sayır. O, məni iranlıların və osmanlıların bədxahı adlandırır. Ay baba, mənim iranlı və osmanlı ilə nə işim vardır?! Mən dərvişməslək və bəşəriyyəti sevən bir insanam. hər kəs insanları sevib, mədəniyyətin tərəqqisinə kömək edərsə, mən onun dostu və tərəfdarıyam. Mən bəşəriyyətin düşməni olan və mədəniyyətin inkişafında əngəl törədənlərdən kənarda və uzaqdayam. Hər halda, elə bir tədbir görün ki, bundan sonra mənim bütün məktublarım gecikmədən sizin əlinizə çatsın! Belə olarsa, mümkündür ki, əlifbanı dəyişdirmək məqsədi bizim birgə səyimiz və ittifaqımız nəticəsində baş tutar və zəhmətlərimiz hədərə getməz. Vəssalam! Tiflisdə sizə ixlası olan Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı. Mart, 1871 Münif əfəndinin məktublarını çatdıran Stepan əfəndi vasitəsilə keçən il sizə bir məktub göndərmişəm, onu tələb edin! Başqa bir məktub da öz əksimlə birlikdə Tiflisdəki Zəri əfəndi vasitəsilə sizin öz adınıza göndərmişəm. Onu da axtarıb tapın! Əxlaqını vəsf etdiyimiz adam bu gün Tehranda ədliyyə naziri olmuşdur. Özü də despotun yaxın adamlarındandır. Despotun təbiətinin tez-tez dəyişməsi və onun vəziyyəti keçmiş nazirlərin sərgüzəştindən sizə məlumdur. Belə olduğuna görə bu adamın bədbəxtliyini və ölümünü çox yaxın zamanlarda, sanki öz gözümlə müşahidə edirəm. Mən və sən əlifbanı dəyişdirmək fikrini irəli sürməklə öz borcumuzu bəşəriyyət qarşısında və mədəniyyətin inkişafı uğrunda yerinə yetirmişik. Bizim adımız həmişə tarixdə qalacaq və övladlarımız tərəfindən hörmət və iftixarla qeyd ediləcəkdir. Biz istəyirik ki, qüdrət və sərvət sahibi olan müasirlərimiz bu fikri həyata tətbiq etmək yolu ilə gələcək nəsillər yanında iftixar əldə etsinlər. Əgər onlar istər İranda, istərsə də Osmanlıda başqa işləri və başqa fikirləri əlifbanı dəyişdirmək fikrindən vacib və üstün hesab edib, bu fikri həyata tətbiq işində iradəsizlik və qeyrətsizlik göstərsələr, özlərini gələcək nəsillər yanında xar edib, bu məsələnin həyata tətbiqinin iftixarını onlara tərk edəcəklər. Çünki bizim övladlarımız, şübhəsizdir ki, bu fikrin icrasını ölkədə hər cür başqa tədbirlərin və qayda-qanunların icrasından üstün tutacaq və bu fikrin vacibliyini və əhəmiyyətini başa düşməyən müasirlərimizin ağıl və zəkasının azlığına təəssüf edəcəklər. Deyirlər ki, Mirzə Nəbi xanın oğlu Tehranda qanunlar yazmağa başlamışdır. Bilmirəm, dəlidir nədir! Bir halda ki, xalq tamamilə və başdan-başa nəyinki elmsiz və biliksizdir, hətta savadsızdır, bu qanunları kim oxuyacaqdır? Bir ölkədə qanunların və tənzimatın tətbiqi üçün bir neçə nəfərin savadlı olması kifayətdirmi? Tutaq ki, İranda təxminən 14 milyon əhali yaşayır. Bu 14 milyon içərisində savadlıların sayı yarım milyona da çatmır. Əgər yüz min məktəb və mədrəsə yaratsalar da, köhnə əlifbanın sayəsində yenə də savadlıların sayı yarım milyona çatmayacaqdır. Bizim zəmanəmizdə, hətta ordunun əsgərləri belə alman ordusunun əsgərləri kimi savadlı olmalıdır. Halbuki İranın hətta hakimləri, elbəyiləri, kəndxudaları və dövlət xidmətçilərinin əksəriyyəti nəinki elmdən və bilikdən, hətta adi savaddan belə məhrumdurlar. Korlar üçün qanunların yazılıb-yazılmamasının nə fərqi vardır? Bu barədə Osmanlı dövlətinin vəziyyəti İrandan da qat-qat pisdir. Bu dövlətin rəiyyətləri olan səhranişin ərəblərin, türklərin və kürdlərin hamısı savadsızdırlar. Şəhərlərdə savadlılara təsadüf edilirsə də, bunların böyük əksəriyyəti çox yarıtmaz savada malikdirlər. Əgər bu ölkədə olan bütün savadlıları savadsız kütlələrin miqdarı ilə müqayisə etsək, savadlılar savadsızlar yanında qara atın alnındakı ağ qaşqa kimi görünər. Osmanlı dövlətində yaşayan tayfaların bu cür savadsızlığının birinci səbəbi yazı üsulunun çətinliyi və əlifbanın qüsurlarıdır. Digər tərəfdən isə bu çətinliklə bəra-bər, onlar özlərinin türk dilində savadlı olmaları üçün mütləq üç dili bilməlidirlər. Əlbəttə, əgər əlifba asanlaşarsa, üç dili öyrənmək o qədər də çətin deyildir. Əsas çətinlik əlifbanın qüsurları üzündəndir. * * * Cəlaləddin Mirzəyə 1871-ci il mayın 20-də şahzadə Cəlaləddin Mirzəyə yazılmış məktubun surəti Nəvvab-əşrəf-əmcəd, alinəsəb şahzadə Cəlaləddin Mirzənin, Allah onun ömrünü uzun eləsin, hüzuruna ərz edirəm. Əvvəla, pak Allaha çox şükür olsun ki, gözlərinizin ağrısı keçmişdir və bu da sizə ixlası olan mənim sonsuz sevincimə səbəb olmuşdur. Xudavəndi-aləm bundan sonra siz valahəzrətə dərd verməsin ki, siz xəmirəsi pak olan bir vücud və nadir görünən insansınız. Zəmanə sizin kimi yüksək hümmətli bir alimi və hamıya xoş gələn qeyrət sahibini bu dünyada, xüsusilə səltənət ailəsində uzun illər ərzində vücuda gətirə bilməz. İkinci, “Nameyi-xosrovan” əsərinin ikinci cildini mənim başımı ucaltmaq üçün göndərmişdiniz, aldım və həddindən artıq məmnun oldum. Məktubun axırında adını yazacağım şəniyüksək dostlardan birisi ilə zərdüştilərin əhvalatını oxuyub ləzzət apardıq. Xüsusilə mənim xoşuma gələn Tahirin zərdüştilərlə rəftarı hekayəsidir ki, bu hekayə məni vəsfəgəlməz dərəcədə sevindirdi. Onu olduğu kimi, əsərlərimdən birində münasib gördüyüm yerə əlavə etdim. Çünki çox qəribə hekayədir. Mən islam tarixlərinin heç birində onu görməmişdim. Biz bu günə qədər elə bilirdik ki, ərəblər ancaq Misir kitabxanalarını yandırmaqla qədim elm və mədəniyyəti puça çıxarmışlar. İndi məlum oldu ki, bu zalımlar parsların da kitablarını və yazılarını yandırmışlar. Bu qövm bizim vətənimizin başına elə müsibətlər gətirmişlər və onun xarabalığına səbəb olmuşlar ki, onları xatırladıqda hər bir ağıllı insanı ağlamaq tutur. Nə isə, olanlar olub keçibdir. Bundan sonra bu qövmün dini və əməllərinin nəticəsi olan müsibətlərin gələcəkdə rədd edilməsinə çalışmaq və həmvətənlərimizi gələcək bəlalardan qorumaq lazımdır. Göndərdiyiniz ikinci cildi cildçiyə verdim. İndi şahzadənin əsərlərindən iki cildi məndə vardır. Başqa cildlərin yolunu gözləyirəm ki, iltifat edib göndərəcəksiniz. Oğlum Rəşid fars dilini bu iki cilddən və Firdovsinin “Şahnamə”sindən öyrənir. Çingiz xandan tutmuş Səfəvilərə qədər padşahların şəklini axtarıram. Əgər tapsam, göndərməyi əsirgəməyəcəyəm. Amma çətin ki, tapılsın. Eyni zamanda mənim əqidəmə görə bu padşahların ləyaqəti yoxdur, onların şəkli sizin əsərinizdə çap edilsin. Şahzadə! İkinci cild mənə çatan gün, eyni zamanda, ayrıca bir zərfdə Dərviş-fani ləqəbli Manukci Sahib Kəyaninin səyahətnaməsi də məktubsuz mənə çatdı. Belə güman edirəm ki, bu kitabçanı da həzrət-əşrəf mənə göndərmişdir. Hər halda çox-çox şad oldum, şəniyüksək olan dostumla onu əvvəldən axıra qədər oxuduq, yazıq zərdüştilərin əhvalatından xəbərdar olduq. Manukci Sahibin Şeyx Mürtəzaya verdiyi sualları təhlil edərək, Şeyxin cavablarını da görüb, təəssüf etdik. İndi həzrət-əşrəf şahzadədən xahiş edirəm ki, Manukci Sahibi hüzuruna çağırıb, mənim tərəfimdən ona salam yetirsin və mənim dilimdən aşağıdakı mətləbi ona söyləsin: Ey Manukci Sahib! Şeyx Mürtəza və onun kimiləri sizin və həmdinlərinizin qeydinə qala bilməzlər. Allah onlara elə bir fərasət verməmişdir ki, sizin kim olduğunuzu, İranın necə idi, necədir və necə olacağını anlaya bilsinlər, sizin zillətinizin, İranın viranlığının və iranlıların bədbəxtliyinin səbəbini başa düşsünlər... Allah 1280 ildən sonra halınıza rəhm edib iltifat göstərmiş, Fətəli şah Qacarın oğlu Cəlaləddin və Övrəng-Zibi-Bərlasın oğlu Kəmalüddövləyə ilham vermişdir ki, bütün hicri tarix boyunca qaranlıq pərdə dalında gizlənən həqiqət sirlərini kəşf edib meydana qoysunlar, öz əsərləri vasitəsilə öz həmvətənlərini sizin vəziyyətiniz və İranın əhvalı ilə tanış etsinlər, onları qəflət yuxusundan oyadaraq, cəhalət zülmətindən mərifət işıqlığına çıxarsınlar. Ey Manukci Sahib! Cəlaləddinin əsər yazmaq yolu açıqdır və xalq arasında bu əsəri yaymaq üçün hazırda heç bir maneə yoxdur. Lakin Kəmalüddövlənin əsərinin yolu hələ bağlıdır. Çünki Kəmalüddövlənin özü də gizlənir və guşənişindir. Bu əsəri çap etdirmək üçün onun özünün imkanı yoxdur. Lakin onun dostları və həmfikirləri çox-çoxdur. Dünyanın hər tərəfində onun dostları əsərlərinin nüsxələrini almışlar. Çox çəkməz ki, dostları onun əsərini bir yerdə çap etdirib bütün dünyaya yayarlar. Ey Manukci Sahib! Öz həmməzhəblərinizə müjdə və gözaydınlığı verib açıq deyin ki, Kəmalüddövlənin əsərləri çap edildikdən sonra onların üzünə səadət və xoşbəxtlik nəsimi əsəcəkdir və hər yerdə olurlarsa olsunlar, əziz və hörmətli sayılacaqlar. Bu gün onlardan cizyə alan və onları öz nazirlərinə “tyul” (peşkəş) olaraq bağışlayan islam şahları onları öz övladları kimi əzizləyəcəklər. Nəinki onlardan cizyə almayacaq və onları qul kimi bağışlamayacaqlar, bəlkə də, onların hər birinin hər yerdə xoş güzəran və yaxşı vəziyyətdə yaşaması üçün lazımi şərait yaradacaqlar. Çünki onlar bizim babalarımızın yadigarıdırlar və əgər onların nəsli bütün yer üzündə yayılmazsa, ey Manukci Sahib, zülm və istibdadından kitabçada dad çəkdiyin islam tayfasından olan quldurlar və lotular aradan getməyəcəklər. Ey Manukci Sahib! Kəmalüddövlənin sənin həmməzhəblərinə atadan, qardaşdan mehriban olmasına inan! Onun əsəri çap edildikdən sonra bütün İran əhli təəssüf edəcək ki, nə üçün bu günə qədər sizi tanımamışlar və bütün hicri tarixi boyu ərəbləri, yəni özlərinin canının, malının düşmənlərini, onların vətənini xaraba qoyan, onları zəlil və bədbəxt edən bir tayfanı müdafiə etmişlər. Cəhalət üzündən sizə öz qardaşlarına, həmdil və həmvətənlərinə, pak və mələktəbiətli babalarının yadigarlarına zülm və cəfanı rəva görmüşlər. Ey Manukci Sahib! 1280 il dözmüşsünüz, bir neçə il də dözün ki, mənim bu söylədiklərimin nəticəsini görəsiniz. İndiyə qədər sizin haqqınızda olan bütün haqsızlıqlar cəhalət üzündən və həqiqət sirlərini bilməməzlik üzündən əmələ gəlmişdir. Bu cəhalətin üzündən pərdəni götürmək və həqiqət sirlərini açıb meydana qoymağın lüzumu, hicrətdən bu günə qədər heç kəsin ağlına gəlməmişdir. Nəhayət, bağışlayan Allah bu işdə Cəlaləddini və Kəmalüddövləni müvəffəq etmişdir. Ey Manukci Sahib! “Peymani-fərhəng”in, məhbadilərin qanunlarının, Zərdüşt dininin, atəşpərəstlərin qanunlarının və kəyanilər dövlətinin ehyası İranda bundan sonra ağlasığan iş deyildir. Çünki dövlətlərin və dinlərin özünəməxsus ömrü vardır. İnsanların ömrü müəyyən vaxt başa çatdığı kimi, din və dövlət cəhətdən siz də ömrünüzü başa çatdırmışsınız. Dünyanın vəziyyətindən və xalqların mədəniyyətindən yaxşı xəbərdar olduğunuza görə, siz bu xüsusda təmənnalarınızdan əl çəkməlisiniz. Hələlik, İranda islam dini yaşayıb bərqərar olacaqdır. Çünki islam dininin ömrü hələ başa çatmamışdır. Lakin bu din əvvəlki vəziyyətdə və əvvəlki qaydada yaşamayacaqdır. Siz isə, İranda olan müsəlmanların yanında hər kəsdən artıq hörmətli və əziz olacaqsınız. Elə olacaq ki, mühacirətdə olan sizlər öz ata-baba vətənlərinizə, cənnətmisal İrana qayıdacaqsınız. Həzrət-əşrəf şahzadədən yenə xahiş edirəm ki, bu sözlərimi oxuduqdan sonra Manukci Sahibin fikrini öyrənib yazsınlar. Yuxarıda qeyd etdiyim şəniyüksək dostum Qafqazın Şeyxülislamı Axund Molla Əhməd Hüseynzadədir. O, hümmətli və qeyrətli həzrətəşrəfinizin biliyindən vəcdə gəlir. Hər yerdə sizə dua edib tərifləyir. Müxtəlif elmlər və fənlər sahəsində: astronomiya, coğrafiya, hesab, riyaziyyat, heyət, tarix, hikmət və xüsusilə fiqh elmi sahəsində bütün Qafqaz ölkəsində Şeyxülislamın tayı-bərabəri yoxdur. Bununla belə, o, filosof təbiətli və liberal məsləkli bir adamdır. Onun fəzilətləri haqqında əzəmətli ağamız Mirzə Yusif xandan soruşa bilərsiniz. Hər gecə Şeyxülislam cənabları ilə bir yerdə əyləşərək söhbət edirik. Həzrətəşrəf şahzadənin, Mirzə Yusifin və cənab Ruhül-qüdsün adları həmişə bizim məclisimizə zinət verir. Şeyxülislam həzrət-əşrəfinizə qaibanə məhəbbət bəsləyir və sizə salam yetirir. O, sizə məktub göndərərdi, lakin öz vəzifəsinə görə müqəyyəddir. Həzrət-əşrəfinizə ixlası olan Mirzə Fətəli Axundzadə 20 may 1871-ci il, Tiflis şəhəri Cəlaləddin Mirzəyə məktubun ünvanı: Nəvvabı-əşrəf-əmcəd, vala alinəsəb şahzadə Cəlaləddin Mirzə cənnətmə- kan Fətəli şah Qacarın oğluna, Allah onun səadətini daimi etsin! Ayrıca vərəqənin surəti Şahzadə! Avropa camaatının istilahında həqiqi padşah adı o şəxsə layiq görülür ki, qanuna tabe olub, vətənin abadlığı, əmin-amanlığı və xalqın tərbiyə və tərəqqisinin fikri ilə yaşasın. Ərəblərin qələbəsi, farslar dövlətinin zəvalı “Peymani-fərhəng” və məhbadilər qanunlarının ləğvindən sonra İran məmləkətində həqiqi səltənət olmamışdır. Bütün hicri tarixi boyu bu ölkənin hökmdarları hamılıqla despot və həramibaşıların tayı olmuşlar. Buna görə də mən yazıram ki, həmin padşahların ləyaqəti yoxdur ki, şəkilləri sizin əsərinizdə çap olunsun. * * * Cəlaləddin Mirzəyə (ayrıca məktub) Ayrıca məktubun surəti Şahzadə! Səmim-qəlbdən sizə təşəkkür edirəm ki, mənim məktubumu zərdüştilər dastanının müqəddiməsində çap etdiribsiniz. Orada yazılmış beytlər müfəssəl bir mənzumədəndir ki, bütünlüklə göndərməyin yeri deyildi. Bu qədər də kafidir. “Sarısifət kişiciyin” kim olduğu şahzadə həzrətlərinizə məlum oldu, ya xeyr? Allaha and olsun, hər zaman ki, həmvətənlərimiz və həmməzhəblərimizin vəziyyətini və onların cəhalətdə qalmasını xatırlayıram, təəssüf atəşinin tüstüsü qəlbimdən beynimə vurur. Bu vəziyyətin və cəhalətin səbəbi elmsizlik və savadsızlıqdır. Elmsizlik və savadsızlıq isə islam əlifbasının çətinliyinin nəticəsidir ki, bunun da əlacı ən asan bir çarə – yəni islam əlifbasını dəyişdirməkdir. Bu çarəni Osmanlı dövlətinin başçılarına nişan verdim, anlamadılar... Nə başlarında zəka, nə də ürəklərində atəş vardır. Sonra onu İran dövlət başçılarına təqdim etdim. İranlılara zəkasız, atəşsiz demək olmaz. Ancaq onlar da ləclik, bədgümanlıq, inad, xudpəsəndlik, təkəbbür üzündən başqalarının ağıllı və haqq sözünü bilə-bilə dinləmək istəmirlər və ağıllı məsləhətlərə əməl etmirlər. İranlıların təbiətində belə bir xüsusiyyət də vardır ki, öz bildiklərinə arxalanıb, başqasından heç cür məsləhət qəbul etmirlər. Buna görə də bu günə qədər mədəni xalqlardan geridə qalmışlar. Ay baba, insan gərək əvvəlcə təqlidçi, iqtibasçı ola və ancaq elmləri və fənləri mükəmməl öyrəndikdən sonra başqalarına müctəhid və rəhbər olmaq fikrinə düşə! Avropa xalqları elmləri və fənləri biri-digərindən iqtibas edə-edə təkamülün bu dərəcəsinə çatmışdır. Xülasə, bir ildən artıqdır ki, Tehranın Maarif Nazirliyinə islam əlifbasını dəyişdirmək barədə sənədlər göndərmişəm. Bu günə qədər nazir hələ mənə cavab verməmişdir. Bilmirəm, sizin bu maarif naziriniz nə işlə məşğuldur. Əgər nazirlik xalqın tərbiyəsi üçün təsis olunmuşsa, bəs nə üçün xalqı tərbiyə etmək fikrində deyildir? Bəs nə üçün görmür ki, 14 milyonluq İran əhalisi içərisində savadlıların sayı yarım milyondan artıq deyildir və bu yarım milyonun da əksəriyyətinin savadı çox qüsurlu və naqisdir. Nə üçün bilmir ki, savadsız adam heyvanatdan bir o qədər də fərqlənməz? Savadsızlar içərisindən mütəfəkkirlər, alimlər və filosoflar çıxmaz. Halbuki xalq ancaq bu kimi vücudların tədbirləri ilə gündən-günə inkişaf edə bilər. Nə üçün anlamır ki, savadsızlar müxtəlif sənaye və texnikanı yarada bilməz və bunlarsız vətən, ölkə abad olub, nizama düşə bilməz, sərvət və qüdrət sahibləri meydana gəlməz? Hər halda, həzrət-əşrəf şahzadə həzrətlərinizdən xahiş edirəm ki, əgər xəstəliyiniz keçmişsə, cənab Ruhül-qüdsün islam əlifbasını dəyişdirmək haqqındakı kitabçasını əzəmətli ağam Mirzə Yusif xandan istəyib alın və bir nəfərə buyurun ki, onu sizin mübarək hüzurunuzda oxusun ki, məzmununu dinləyib biləsiniz ki, islam əlifbasını dəyişdirmək lüzumu nə qədər böyükdür. Zalım əcəl də çatmır ki, (Kəbənin Allahına and olsun ki, xilas oldum) deyim. Necə ki, Əli ibn-Əbutalib eləyhissəlam Müaviyənin əlindən təngə gəldiyi üçün İbn-Mülcəmin zərbətini yedikdə demişdi: əcəl çatsaydı, ölüb, hümmətsiz və mürüvvətsiz müasirlərimin mənimlə müxalifətinin nəticəsi olan qəm və qüssədən xilas olardım. Xüsusilə ki, başqa müsibətlər də həyatımı həlahil zəhərindən acı etmişdir. İki yaşında kiçik bir qızım vardı ki, məhəbbətinə sonsuz dərəcədə könül bağlamışdım. Təsadüfən bu günlərdə öldü. İndi onun fərağında ağlayıram, yanıram. * * * Həsənəli xana 1871-ci il mayın 20-də İran dövlətinin İstanbuldakı səlahiyyətli səfiri Həsənəli xanın vasitəsilə cənab Ruhül-qüdsə göndərdiyim məktubda bu məsələlər yazılmışdır Birincisi, əzəmətli ağa Həsənəli xanın da əlifbanı dəyişdirmək məsələsinə zidd olması haqqında mənə Tehrandan yazmışdılarsa da, lakin onunla görüşdükdən sonra məlum oldu ki, bu xəbərin qətiyyən əsli yoxdur və bütünlüklə iftiradır. İkincisi, cənab Ruhül-qüds! Vəzir və Şeyxin əlifbanı dəyişdirmək haqqındakı sual-cavabını oxuduqdan sonra mən yeni əlifbanın xaçpərəstlərin əlifbası kimi soldan-sağa yazılmasının lazım və vacib olduğu qərarına gəlmişəm və özümün bu xüsusdakı dəlillərimi yazaraq, keçən məktublarımda sizə göndərmişəm. Üçüncüsü, məlumunuz olsun ki, Tehrana göndərdiyim məktublarda mən aşağıdakı sözləri də yazmışam: “Dəmir yolu vacibdir; amma əlifbanı dəyişdirmək ondan çox vacibdir. Teleqraf vacibdir, amma əlifbanı dəyişdirmək ondan çox vacibdir. Dövlət qanunlarını tətbiq etmək vacibdir, amma əlifbanı dəyişdirmək ondan daha çox vacibdir”. Bu sözlərdən aydın olur ki, mən dövlət qanunlarının tətbiq olunmasına heç də müxalif deyiləm. Ancaq əlifbanı dəyişdirməyi ondan daha vacib hesab edirəm. Ona görə ki, xalqı tərbiyə etmədən, qanunların heç bir faydası ola bilməz. Bu gün Mirzə Nəbi xanın oğlu Tehranda əlifbanı dəyişməyin lüzumuna məhəl qoymadan, qanunların tətbiqinə başlamışdır. Mən sizi xəbərdar etmək istəyirəm ki, bu iş baş tutmayacaqdır. Dördüncüsü, sizdən xahiş edirəm ki, ürəkdən sevdiyim əziz qardaşım cənab Münif əfəndinin mənim məktublarıma nəyə görə cavab verməməsinin səbəbini mənə bildirəsiniz. Beşinci, Qafqazın Şeyxülislam cənabları sizə çoxlu salam yetirir və xahiş edir ki, onun İstanbul Şeyxülislamı kimi tərəqqinin düşməni olduğunu zənn etməyəsiniz. * * * Mirzə Melkum xana 1871-ci il iyunun 2-də Melkum xana yazılmış məktubun surəti Cənab Ruhül-qüds! Sizə bildirirəm ki, qüdrətli Rusiya dövlətinin başçıları Dağıstanı ələ keçirib Şamili tutduqdan sonra, yəni iki-üç il bundan qabaq bir neçə nəfər yüksək fəzilətli alimlərin səyi ilə avar, çeçen və çərkəz dilləri üçün latın əlifbasına oxşayan və soldan-sağa yazılan xüsusi bir əlifba tərtib etmişlər. İndi iki-üç ildir ki, dövlətin xərci ilə Dağıstanın dağ kəndlərinin hər birisində məktəblər və mədrəsələr açılmış və bu yeni əlifbanı rus əlifbası ilə bərabər, müsəlman balalarına öyrədirlər. Bu gün bütün dağıstanlı uşaqlar artıq savadlanmışlar. Bu yeni əlifba ilə onlar avar, çeçen və çərkəz dilində bir-birinə məktublar yazıb-oxuyur və anlayırlar. Onlar bəzi islam kitablarını da bu əlifbaya köçürürlər. Hətta Dağıstan uşaqları Quranı və Azərbaycan dilindəki yazıları da, bəzən yeni əlifba ilə yazıb oxuyurlar. Halbuki, bundan əvvəl Dağıstan camaatı içərisində bir neçə nəfər molla və əfəndidən başqa yazıb-oxumağı bacaranlar yox idi. Çox keçməz ki, əvvəllər savadsız sayılan bütün Dağıstan camaatı və dağlarda yaşayan əhali ellikcə savadlı və bilik sahibi olar. Lakin iki milyondan artıq olan Qafqaz müsəlmanları köhnə islam əlifbasının yaramazlığı nəticəsində hələ də kor və savadsız qalmışlar və islam dövlətlərinin başçıları ona nicat vermək qərarına gəlməzsə, bundan sonra da əsrlər boyu belə qalacaqlar. Cənab Ruhül-qüds! Bu məsələni sədr-əzəm cənablarının qulluğuna ərz etməyi və bu xüsusda İstanbul nazirlərini başa salmağı Sizdən xahiş edirəm. * * * Mirzə Melkum xana 1871-ci il iyunun 2-də yazılmış ayrıca vərəqənin surəti Ruhi-rəvanım, Ruhül-qüds! Xahiş edirəm ki, bu məktub yetişdikdən sonra vəkalətpənah sədrəzəmin, Allah onun cəlalını daimi eləsin, hüzuruna gedib, mənim dilimdən bu məsələni o cənaba ərz edəsiniz. 1280-ci il hicridə, mən islam əlifbasını dəyişdirmək məqsədilə Darülsəadət İstanbula varid oldum. Əvvəlcə vəkalətpənah sədr-əzəmin, sonra isə mərhum Fuad paşanın hüzurlarına şərəfyab olub xahiş etdim ki, mənim yeni əlifbamı İstanbul alimlərinin yığıncağında müzakirəyə qoysunlar. O zaman bu iki böyük şəxsiyyətin fərmayişinə görə, mənim əlifbamı Osmanlı Elmi Cəmiyyətinin bir neçə yığıncağında müzakirə və təsdiq edib, əlifbanın dəyişdirilməsini vacib məsələlərdən sayaraq, onun dəyişdirilməsində müqəddəs şəriətə müxalif olan bir şey tapmadılar. Nəhayət, dedilər ki, bitişən hərflər çap işində ən böyük çətinliyə səbəb olub və çap işini də oxumaq işi kimi asanlaşdırmaq üçün bitişən hərflər bitişməz hərflərlə əvəz edilməlidir. Elmi Cəmiyyət həmin qərarını xüsusi kitabça şəklində çap etdirib, Osmanlı ölkəsinin hər yerində yaydı. Bununla da, Osmanlı dövlətinin bütün bilik və fəzilət sahiblərinə, nazirlərinə və vəkillərinə Elmi Cəmiyyətin müzakirəsinin nəticələrindən aydın və aşkar oldu ki, köhnə islam əlifbasını dəyişdirmək müqəddəs şəriətə zidd olan bir iş deyil və onu dəyişdirmək də lazımdır. Ancaq bu şərt ilə ki, bitişən hərflər bitişməz hərflərlə əvəz edilmiş olsun. Məhz buna görə də Cəmiyyəti-elmiyyənin məsləhəti əsasında, mənim qardaşım Mirzə Melkum xan böyük zəhmət sərf edərək, çoxlu xərc çəkdikdən sonra, köhnə əlifbanın bitişən hərflərini bitişməz hərflərlə əvəz etmişdir. Mən də onun işini təsdiqləyib, bitişməz hərflərin üstünlüyünü ətraflı bir surətdə yazıb vəkalətpənah cənablarına izah etmişəm. Biz bu işi məhz Osmanlı Cəmiyyəti-elmiyyəsinin məsləhəti ilə etmişik. Bəs indi İstanbul nazirləri nə dəlil ilə və hansı sənədə əsasən deyirlər ki, islam əlifbasını dəyişdirmək müqəddəs şəriətə zidd olan bir işdir və xətt guya islam dininin bir cüzüdür?! Və nəyə əsasən deyirlər ki, bitişməz hərflər pisdir və avropalıların hərflərinə oxşayır? Əgər qədim yazını dəyişdirmək müqəddəs şəriətin əleyhinə idisə, onda Cəmiyyəti-elmiyyə öz kitabçasında haman tarixdə nə üçün aydıncasına yazdı ki, qədim yazını dəyişdirmək əslən və qətiyyən müqəddəs şəriətə zidd deyildir. Əgər bitişməz hərflər avropalıların hərflərinə oxşadığına görə şəriətin əleyhinədirsə, onda Cəmiyyəti-elmiyyə o tarixdə nə üçün bitişməz hərfləri tam aydın bir şəkildə üstün hesab edib, onu caiz bildi? Biz əlifbanı dəyişdirmək məsələsində öz tərəfimizdən heç bir iş görməmişik, yalnız Cəmiyyəti-elmiyyə nəyə icazə veribsə, onu etmişik. Belə olduqda vəkalətpənah cənabınızdan xahiş edirəm ki, bizlə İstanbul nazirləri arasında münsif olasınız və buyurasınız ki, bu iş yenidən Osmanlı alimlərinin nəzərinə çatdırılsın. Bu şərtlə ki, o alimlərin hamısı Avropa dillərindən birini bilən adamlardan olsunlar. Bundan sonra o alimlərdən ibarət olan iclasın hökmü nə olarsa, icra edilsin və Mirzə Melkum xana icazə verilsin ki, öz basmaxanasını bu yeni xətlə işə salsın, həm də köhnə əlifba ləğv edilməsin və öz əvvəlki vəziyyətində qalsın. Yeni xətt məşhurlaşıb, asanlığı və mənfəətini millət dərk etdikdən sonra köhnə xətt öz-özünə, heç kəs tələb etmədən tərk olunacaqdır. Aydındır ki, qədim islam xətti elmin və xalqın tərəqqisinə maneədir. Əgər bu xətt dəyişilməsə, islam milləti dünyanın sonuna qədər cəhalət zülmətində qalacaqdır. İstanbul nazirləri şəri məsələlərə bələd deyildirlər. Qədim xətti dəyişdirmək şəriətə əsla zidd deyildir. Abbasi xəlifələri kufi xətti nəsx xətti ilə əvəz etdilər və alimlər də buna icazə verdilər. Yazını soldan-sağa yazmaq da şəriətə zidd deyildir. Ona görə ki, biz halhazırda həndəsi rəqəmləri, yəni sayları avropalılar kimi soldan-sağa yazırıq və müqəddəs şəriət buna əsla mane olmur. Elm sahəsində xalqın tərəqqisinə xidmət edən bitişməz hərflərin sağdan sola yazılışı əlverişli olmazsa, xaçpərəstlərdə olduğu kimi soldan-sağa yazmağa da icazə vermək olar, necə ki, həndəsi rəqəmləri yazırıq. Xalqların tarixində əlifbaları dəyişdirmək nadir baş verən hallardan deyil. Bu iş heç bir zaman dövlətin zavalına səbəb ola bilməz. Rusların köhnə əlifbasının xalqın tərəqqisinə mane olduğunu gördükdə, Pyotr onu latın əlifbası ilə əvəz etdi və dövləti nəinki zavala uğramadı, hətta avam camaatın, keşişlərin və ruhanilərin bu barədə müxalifətə qalxışmasına baxmayaraq, Rusiya dövləti gündən-günə tərəqqi etdi. Cənab Ruhül-qüds! Vəkalətpənah sədr-əzəm cənablarının verdiyi cavabı mənə yazmağınızı xahiş edirəm. Qardaşınız Mirzə Fətəli * * * Mirzə Melkum xana (ayrıca məktub) 1871-ci il iyunun 2-də yazılmış ayrıca vərəqənin surəti Ruhi-rəvanım, Ruhül-qüds! Mən o həriflərdən deyiləm ki, düşmən qarşısında diz çöküb onların əmrinə tabe olam. Nə qədər ki, sağam, İstanbul nazirləri ilə qələmimlə vuruşacağam. Mən və mənim yavərim olan siz öldükdən sonra bizim müasirlərimizin nə dərəcədə şüursuz olduğunu görən gələcək nəsil, minlərcə dəfə halımıza heyifsilənəcək, bizim fikirlərimizi həyata keçirəcək və qəbrimizin üzərində heykəllər qoyacaqlar. Bir zaman Qəznə şəhərinin camaatı Sultan Əlaəddin Hüseyn Cahansuzi-Quri qarşısında müxalifət bayrağı qaldırmışdılar. Sultan bu beyti yazıb onlara göndərmişdi. “Əgər mən Qəznəni gözündən dağıtmasam, Həsən oğlu Hüseynin oğlu Hüseyn deyiləm”. Bu islam dini əlifbanın həyata keçirilməsi yolunda sədd olduğu üçün: “Əgər mən bu dini kökündən məhv etməsəm Həsən oğlu Tağının oğlu Əli deyiləm”. “Kəmalüddövlə məktubları”nın bir çox nüsxələri dünyanın hər tərəfində mənim dostlarımın və həmfikirlərimin əlində mövcuddur. O qədər çəkməz ki, dostlarım bu kitabı bir yerdə çap etdirib, Asiya və Afrikanın hər tərəfində yayarlar. O zaman görək, İstanbul nazirləri öz dinlərini necə saxlayacaqlar! O vaxt onların dini əldən gedəcək, məcburən bizim əlifbanı qəbul etməyə razı olacaqlar və xalqların səadət və xoşbəxtlik günləri başlanacaqdır. O zaman onlar, hazırda bizə rəva gördükləri rəftarlarından peşman olaraq bizdən üzr istəyəcəklər. Çünki onların mənasız əqidələrinin əsasının sarsılması özlərinin cəhalət qaranlığından xilas olmasına və yüksək dərəcələrə tərəqqi etmələrinə bais olacaqdır. Cənab Ruhül-qüds! Özümün və Qafqaz Şeyxülislamı cənablarının dilindən sizə yazıram ki, İstanbul nazirlərinin hərəkətindən pərişan və bədbin olmayın! Öz işinizdə mərd-mərdanə olun! Nazirlərin müxalifəti mənasız və yersizdir. Onlarla çox mülayimliklə mübahisəyə girişin və münasib gördüyünüz mövqedə onların hər birisinə əlifbanın dəyişdirilməsinin lüzumu haqqında yazdığınız “Vəzir və Şeyxin sual-cavabı” kitabçanızı da oxuyun və elə ediniz ki, vəkalətpənah sədr-əzəm cənabları da bu kitabçanı ya oxusun və ya dinləsin ki, bəlkə onun qəlbində sönmüş hümmət atəşi sizin qələminizin təsiri ilə alovlansın. Əgər siz bu kitabçanı yazmasaydınız, mən qüssədən ölərdim. Çünki o zaman heç kəs mənim fikrimin haqq olduğunu başa düşməzdi. Ancaq indi təsəlli tapmışam. Kitabçadan 3-4 nüsxə Tiflisdə varımızdır. Bir neçə nüsxə də Tehrana göndərmişik. Əlimə keçən hər bir şəxsin bu kitabçanı oxumadan yaxasından əl çəkmirəm. Hətta Həsənəli xan Tiflisə çatan gecə yorğun olmasına baxmayaraq, məcbur etdim ki, kitabçanı oxuyum, qulaq assın. Cənab Şeyxülislam da bu kitabçanı ağıl və dərrakə sahibi olan adamlara oxumaqda böyük hümmət sərf edir. Amma nə etməliyik ki, ağıl və dərrakə sahiblərinin sayı çox azdır. Cənab Ruhül-qüds! Nə qədər ki, mən sağam, əlifba fikrindən və onu həyata keçirmək arzusundan ayrıla bilməyəcəyəm. Siz bu yolda çox zəhmət çəkib, böyük pullar xərclədiyiniz kimi, mən də on ildən artıqdır ki, bu yolda ağır zəhmətlərə və böyük xərclərə qatlaşmışam. İşin başlanğıcında, sevindiyimdən hər bir tələbəyə bir əşrəfi, dəftərimdə qeyd etdiyimə görə, ənam adı ilə cəmi həştad əşrəfi bağışlamışam ki, yeni əlifbanı öyrənsinlər. Bir bu qədər pul da xoşxət mirzələrə vermişəm ki, yeni əlifbanın bir çox surətlərini çıxarsınlar. İstanbula gedib-gəlmək üçün beş yüz manat xərcim çıxmışdır. Hətta bu gün belə, bu məsələ ilə əlaqədar olan yazılara, poçt və katiblərə əlmuzduna gedən xərclərdən bir gün də olsun, asudə və rahat deyiləm. Bundan sonra da bu yolda nə qədər zəhmət və məxaric lazım gələrsə, səmim-qəlbdən qəbul edəcəyəm ki, öz həmvətənlərimi qaranlıqdan işıqlığa çıxarım və bunun mənəvi ləzzətini dadım. Mənim həmvətənlərim xeyri şərdən ayırmaq qabiliyyətinə malik deyildirlərsə də, tərəqqi və yüksək ad nəşəsindən məhrumdurlarsa da, sizdən çox-çox xahiş edirəm ki, Həsənəli xan vasitəsilə yazdığım kimi, islam əlifbasını dəyişdirmək haqqında fransız dilində bir məqalə yazıb, “Konstantinopol” qəzetində və ya başqa bir qəzetdə çap etdirəsiniz. Siz o məqalədə mənim adımı və bu məsələdən ötrü İstanbula gəlməyimi və öz adınızı, habelə, bütün müttəfiqlərimizin və tərəfdarlarımızın adını, bu məsələdə bizim fikrimizi təsdiq edən və yardım göstərən vəkalətpənah sədr-əzəm cənablarının adını açıq və aydın yazmalısınız. Məsələnin hazırda nə vəziyyətdə olduğunu qeyd edin! Məqalə çapdan çıxandan sonra həmin qəzetdən bir neçə nüsxəsini mənə göndərin. Burada rus dilinə tərcümə edib, “Kafkaz” qəzetində və Peterburq qəzetlərində çap etdirəcəyəm. Lakin bu məsələdə politika-molitika sözünü kənara qoymalısınız. Ancaq fransızca ünsürlərin əlifbanı dəyişdirmək işinə əngəl törətdiklərini və bunun üçün gətirdikləri dəlilləri də qeyd etməlisiniz. Bundan sonra məktublarınızı bilavasitə mənim adıma yazaraq, poçta veriniz ki, itməsin! Əgər istəyirsinizsə, məktubları “straxovi”, yəni fransızca “asure” (sifarişi) göndəriniz. Mən də öz məktublarımı sizin adınıza “asure” göndərəcəyəm. Bir də, cənab Ruhül-qüds! Açıq və aydın yazaraq mənə bildirin görüm, tam səmimiyyətim olan əziz qardaşım Münif əfəndi nəyə görə və nədən qorxaraq mənə cavab yazmır? Görək, vəkalətpənah sədrəzəm cənabları mənim ərizəm haqqında nə sərəncam vermiş və nə buyurmuşdur. Münif əfəndi mənim şəkillərimi kimlərə vermişdir? Bir də bu məsələni öz tərəfinizdən mənə yazın görüm, əlifbanı dəyişdirmək məsələsi əlahəzrət Sultanın qulağına çatmışdırmı, ya yox? Habelə yenə də əlifbanı dəyişdirmək məsələsi Misir xədivi İsmayıl paşanın qulağına çatdırılmış, ya yox? İstanbul nazirləri əlifbanın haqq iş olduğunu inkar etdiklərinə görə, bu barədə İsmayıl paşaya da yazmaq istəyirəm. Hər halda, bütün bunlar sizin məsləhətinizdən asılıdır. Bunların özü də bir şeydir. Əgər İsmayıl paşa təklifimizi qəbul etsə də, mən İstanbul nazirlərinin yaxasından, onları təslim olmağa vadar edib, öz muradıma çatmayınca, əl çəkməyəcəyəm. Cənab Şeyxülislam İstanbul nazirlərindən çox-çox narazıdır. Bu gündən etibarən o, sünnilərin öz kitablarında köhnə islam əlifbasını dəyişmələrinin şəriətə müxalif olmadığına dair bir fitva axtarmağa başlamışdır. Bu dəlil hazır olan kimi sizə göndərəcəyəm. Qardaşınız Mirzə Fətəli Axundzadə * * * Mirzə Yusif xana 1871-ci il iyunun 8-də Mirzə Yusif xana yazılmış məktubun surəti Əzəmətli ağam, Allah səadətinizi daimi etsin! Bu günlərdə cənab Ruhül-qüdsdən kədərləndirici bir məktub aldım. Ruhül-qüds yazır ki, islam yazısı və köhnə əlifbasını dəyişdirib, yeni əlifba qəbul etməyə dair təşkil edilmiş sonuncu iclasda İstanbul nazirləri ayağa qalxaraq bir ağızdan bağırmışlar ki: – “Eyvay, Melkum bizim dilimizi məhv etmək, bizim dinimizi korlamaq, bizim dövlətimizi yıxmaq istəyir. O, bizə elə bir əlifba göstərir ki, fransız əlifbasına oxşayır. O bilirmi ki, bizim əlifbamız dinimizin bir cüzüdür? Biz dinimizi əldən vermək istəmirik! Vaveyla, vamüsibəta! Bu nə təklifdir ki, bizə edir?.. Vəssalam”. Əzəmətli ağam! Ruhül-qüds yazır ki, bir neçə illik zəhmətim və çoxlu xərcim tamamilə hədərə getdi. Yeni əlifbanı, o qədər mükəmməl və nöqsansız düzəltmişdim ki, görsəydiniz mütləq yüz min dəfə afərin söylərdiniz. Hətta xüsusi mətbəə alətləri və ləvazimatını da hazırlamışdım. Mən bu axmaqlara heç də təklif etmirdim ki, köhnə əlifbadan tamamilə əl çəkin və mənim əlifbamı qəbul edin. Mən onlardan təkcə bunu xahiş edirdim ki, hazırda ermənilər, yunanlar, fransızlar Osmanlı türkcəsində onlarca qəzet hazırlayıb, öz əlifbaları ilə çap etdikləri kimi, mən də özümün ixtira etdiyim yeni əlifba ilə Osmanlı dilində bir qəzet çap edib yaymaq icazəsinə malik olum. Xülasə, nazir həzrətləri mənimlə belə rəftar etdilər və əlifbanı dəyişmək məsələsində məni tamamilə naümid etdilər. Xudavəndi-aləm bizimlə onların arasında həkəm olsun! Biz bu axmaqların tərəqqi və səadətini istəyirik. Onlar isə bizim kafir olmağımıza hökm verir və bizə lənət yağdırırlar. Amma bir vaxt gələcək ki, qəbrimizin üzərinə ziyarətə gələcəklər. Əzəmətli ağam! Sizdən xahiş edirəm ki, əgər münasib bilsəniz, bu mətləbi maarif naziri Etizadüssəltənə cənablarına söyləyin, ləzzət aparsın və bilsin ki, milləti korluqda, cəhalətdə, vəhşilikdə saxlamaq işində o, tək deyildir. Özlərini dünyanın ağıllıları və filosofları adlandıran İstanbul nazirləri də bu işdə və əqidədə onunla şərikdirlər. Əzəmətli ağam! İstanbul nazirlərinin bu cür rəftarı məni təzədən zəhmətə saldı. Qələm əlimdən düşmür. İstanbula göndərmək üçün elə şeylər yazıram ki, sərt qayaya toxunsa, əzib-tökər. Əlifba fikrindən ayrılmaq mənim üçün təsəvvürə gələn şey deyildir və nə qədər ki sağam, İstanbul nazirlərinə qarşı qələmlə vuruşacağam. Görürsünüzmü, sünnilərin dini əlifbanın həyata keçirilməsi yolunda maneə törədir?! Elə isə bundan sonra heç kəs deməsin ki, din elm və mədəniyyətə maneə törətmir! Lakin bununla belə mən sizi əmin edirəm ki, əlifba məsələsi nəhayət baş tutacaqdır. Əgər bu gün olmasa, sabah, sabah olmasa da, birisi gün baş tutacaqdır! Böyük Pyotr gördü ki, rusların qədim əlifbası xalqın tərəqqisinə və elmlərin yayılmasına mane olur, onu ləğv edərək, latın hərfləri əsasında yeni bir əlifba icad etdi. Amma avam camaat, keşişlər və ölkənin əyanı ona qarşı müxalifətə qalxdılar və dedilər: “Dinimiz əldən gedəcək, dövlətimiz zavala uğrayacaqdır”. Lakin Böyük Pyotr axmaqların sözünə heç də etina etməyib, öz işi üzərində yenilməz iradə ilə mərd-mərdanə dayandı. Nəticədə nəinki din xalqın əlindən getmədi və dövlət zavala uğramadı; əksinə, ölkə həmin yeni əlifbanın sayəsində gündən-günə tərəqqiyə üz qoydu. Mirzə Fətəli Axundzadə * * * Mirzə Yusif xana 1871-ci il iyunun 8-də Mirzə Yusif xana yazılmış ayrıca məktubun surəti Əzəmətli ağam, Allah sizin ömrünüzü uzun eləsin! Dövləti-əliyyeyi-İranın İstanbuldakı səlahiyyətli naziri Həsənəli xan Gərrusi Tiflis yolu ilə qulluq yerinə gedirdi. Tiflisə çatdığı gecə görüşünə getdim. Mehribanlıq edib əhval soruşduqdan sonra hər tərəfdən söhbət açıldı və rəvayətlər söylənildi. O cümlədən, adını çəkdiyim əzəmətli şəxs buyurdu ki: “Məmunun xilafəti zamanı, hələ onun paytaxtı Xorasanda olduğu dövrdə, Əmir Əli adlı bir şəxs Həmədan mahalında hakim mənsəbi ilə başıuca olmuşdu. Həmin Əmir Əli Həsənəli xanın böyük babasıdır. Əmir Əli isə ərəb əmirlərindən Səsəə ibn-Qəqa adlı bir sərdarın oğlu imiş. Təsadüfən, Məmunun dəvəti ilə həzrət imam Riza əleyhissəlam ki, böyük cəlal və dəbdəbə ilə Mədinədən Xorasana gedirmiş, Əmir Əlinin hakim olduğu yerdən güzarı düşmüş və onun evində qonaq olmuşdur. Əmir Əli əsrin imamının onun evində mənzil etməsi nəticəsində nail olduğu böyük səadətin qarşısında öz minnətdarlığını bildirmək üçün iki oğlundan birini imamın ayağı altında qurban kəsmək istəmişdir. İmam isə bunu qəbul etməmiş, Əmir Əliyə xeyir-dua edib, onun ocağına bərəkət və səadət göndərməyi izzət sahibi olan Allahdan istəmişdir. Əzəmətli ağam! Bu hekayədən məlum oldu ki, Həsənəli xan öz nəsəbini ərəblərə yapışdırır. O özünü Səsəə ibn-Qəqanın nəslindən əmələ gələn bir ərəb sayır. Təəssüf ki, biz indiyə qədər onu kürd oğlu kürd bilmişik. İndi aydın oldu ki, məlum nüsxə nə üçün onun xoşuna gəlməmişdir və nə səbəbə onu Parisdə qoyub gəlmişdir? Bilmirəm, sizin, yəni Ədliyyə Nazirliyinin gördüyü tədbirlər onun xoşuna gəlir, ya yox?! Əlbəttə, bu mətləbi sizə yazmağımdan başqa bir nəticə çıxarmayın! Çünki bizim, yəni mənimlə Həsənəli xanın arasında tam bir yaxınlıq vardır. Əzəmətli ağam! Sizin məktubunuz və azadə şahzadə Cəlaləddin Mirzənin tarix kitabı yetişdi. Sizin məktubunuz çox müxtəsər idi. Bilirəm ki, sizin özünüzün işiniz çoxdur. Məgər sizin idarənizdə başı ayıq olan mirzələr yoxdur? Varsa, onlara tapşırın ki, sizin öz vəziyyətinizdən və Tehranda baş verən hadisələrdən ətraflı surətdə bir məktub yazıb bizim üçün göndərsinlər. Mən və cənab Şeyxülislam həmişə sizin vəziyyətinizdən xəbər tutmaq və sizin iqdam etdiyiniz işlərin irəli getməsinin arzusundayıq. Mehriban qardaşım Mirzə Cəfərə salam göndərirəm. Xüsusi bir mətləb olmadığına görə bu dəfə ona ayrıca məktub yazmadım. Mən özümün onunla bir növ elli, yəni ünkütlü olduğumu bildikdə, həddindən artıq xoşhal oldum. Çünki hər ikimiz Dərövüt çayının suyundan içmişik. Ədliyyə Nazirliyi haqqında Tiflisdə bir sıra xoşagəlməyən xəbərlər yayılır. Bu xüsusda doğru xəbəri özünüz yazın ki, vəziyyət bizə məlum olsun! Cənab Şeyxülislam sizə çoxlu salam göndərib, əhvalınızı soruşur. Sizə ixlası olan Mirzə Fətəli * * * Mirzə Yusif xana 1871-ci il iyunun 8-də Mirzə Yusif xana yazılmış başqa bir məktubun surəti Əzəmətli ağam! O biri məktubda Ünküt kəlməsini yazarkən, başqa bir mətləb yadıma düşdü. Ünküt elində yaşadığımız zamanlar, biz hər il yayda Əlipəncəsi adlanan yaylağa gedərdik. Əmim Axund Molla Ələsgərin arvadının Şahsevən tayfasında qohumları var idi. Onların yaylağı Savalan dağının ətəyində idi. Bir il qohumlarımızı görməyə getmək istədik. Köç-külfətli Əlipəncəsi yaylağında düşərək, Meşkin yolu ilə Savalan dağının ətəklərinə doğru yollandıq. Yolda müxtəlif isti sular gördük ki, vəsfə gəlməz. O cümlədən bir hovuz var idi ki, onu “Qotur suyu” adlandırırdılar. Oradan çıxan su təxminən bir dəyirmanı işlədə bilərdi. Siz bu gün İranda çox nadir görünmüş işlərə əl qatdığınıza görə, nə olardı ki, dövləti-əliyyeyi-İrana bir layihə təqdim edəydiniz ki, 2-3 nəfər avropalı həkimi Savalan dağı ətəyində olan bu isti su mənbələrini yoxlamağa və onların əhəmiyyətini təyin etməyə göndərəydi, sonra isə o, isti və kükürdlü suların yanında binalar tikiləydi və xəstələr müalicə olunaydı! Xəstələrin oraya getməsi üçün yollar təmir olunarsa, demək olar ki, hər il bu isti sulardan ağlagəlməyən miqdarda mədaxil əldə edilə bilər. Hətta avropalı səyyahlar və xəstələr də müalicə və tamaşa üçün Savalana gələrlər. Az bir zamanda o isti suların sayəsində o tərəflər vəsfəgəlməz dərəcədə abadlaşar və gözəlləşər. Ehtimal etmək olar ki, xüsusi bir şirkət tapılıb, bu suları icarəyə götürər. Eyvay, mənim əzəmətli ağam! Bu yerdə yenə də Ruhül-qüdsün bir sözü yadıma düşdü: “Məclisin sədri: – Xarici dövlətlər istəyirlər ki, İran torpaqlarına təcavüz əlini uzatsınlar, nə etmək lazımdır? Məclisin üzvləri: – Azərbaycan yollarını qayırmamaq lazımdır!” Qorxuram ki, mənim məsləhətimi eşidən məclis üzvləri də desinlər ki: “Necə ola bilər ki, biz Savalan yollarını düzəldib, düşmənlərimiz üçün öz əlimizlə yol açaq? Bu nə xəyaldır?”. Vallah-billah, tallah, siz nəzərdə tutduğunuz xarici dövlətlərin min səbəbə görə hələlik İran torpağında tamahı yoxdur. Əgər tamahı olsa, istər siz yol düzəldəsiniz, istərsə də düzəltməyəsiniz, bu torpaqları tutacaqlar. Nə üçün boş təsəvvürlərlə öz isti sularınızı və mədənlərinizi bəhrəsiz qoyaraq işə salmırsınız? Mirzə Fətəli * * * Mirzə Melkum xana 1871-ci il iyunun 8-də Melkum xana yazılmış məktubun surəti Ruhi rəvanım, Ruhül-qüds! İyun ayının 2-də göndərdiyim məktubda yazmışdım ki, qüdrətli Rusiya dövlətinin başçıları avar və çeçen dilləri üçün əlifba düzəltmişlər və Dağıstan vilayətinin hər tərəfində dövlət xərci ilə məktəblər və mədrəsələr açıb, dağlı müsəlman balalarına onların öz ana dillərini oxutdururlar. Dağıstan əhlinin uşaqları yaxın gələcəkdə elm və savad sahibi olacaqlar. Qafqazın geniş ərazisində yaşayan bizlər isə, ərəblərin yaramaz əlifbası sayəsində dünyanın sonuna qədər kor kimi cəhalətdə qalacağıq. İndi həmin çeçen əlifbasından bir nüsxə Tiflisdən tapıb sizə göndərirəm. Eyni zamanda Dağıstana yazmışam ki, avar əlifbasından da bir nüsxə göndərsinlər. Alan kimi onu da sizə göndərəcəyəm. İndi sizdən xahiş edirəm, vəkalətpənah sədr-əzəm cənablarına deyəsiniz ki, Dağıstan camaatı və çeçenlər 1280 ildir ki, islam dinini qəbul etmişlər və ərəb əlifbasının yarıtmazlığı nəticəsində bu günə qədər savadsız, mədəniyyətsiz qalmışlar. Böyük Rusiya dövləti isə yalnız bir neçə gündür ki, bu torpaqları ələ keçirmiş və əsla gecikmədən, fürsəti fövtə vermədən Dağıstanda yaşayan tayfaların təlim və tərbiyəsinə başlamışdır. Dövlətlərin öz təbəələri qarşısında borcu da bundan ibarətdir. Yəni onlar gərək öz təbəələrinin hər bir fərdinin tərbiyəsilə məşğul olsunlar və onları qaranlıqdan işığa çıxartsınlar. Bunun müqabilində siz necə razı ola bilərsiniz ki, 300 milyonluq islam xalqları bizim köhnə əlifbamızın yaramazlığı nəticəsində əbədi olaraq kor olub cəhalətdə qalsınlar? 1280 ildir ki, cəhalətdə qalmışıq, kifayətdir! İndi ki dərdimizin əlacını tapmışıq, nə üçün gələcəkdə də elm və mərifət qapılarını üzümüzə bağlamaq istəyirsiniz? Nə üçün köhnə islam yazı qaydalarını və əlifbasını dəyişdirməyə mane olursunuz? Böyük Rusiya dövlətinin hümməti və səyi sayəsində, 50 ildən sonra Dağıstanın bütün əhalisi savad və bilik sahibi olacaqdır. Onların yeniyetmə gəncləri ərəbcə olan dini, fiqh və tarix kitablarının əksəriyyətini həmin bu yeni əlifbaya keçirəcəklər. Öz dinlərini əvvəlkindən daha yaxşı mühafizə edəcəklər. Fiqh məsələlərini keçmişdəkindən daha yaxşı biləcəklər. Biz yazıqlar isə, əlifbamız dəyişməzsə, yenə də əski cəhalətdə qalmağa məhkumuq. Bəzi hekayələr ərəbcədən çeçen dilinə tərcümə edilib, həmin əlifba ilə yazılmışdır. Ərəbcə kitabların əksəriyyətini də sözsüzşübhəsiz bir az sonra çeçenlər həmin yeni əlifbada yazıb-oxuyacaq və bu iş onların dininə zərrə qədər də xələl yetirməyəcəkdir. Cənab Ruhül-qüds! Xahiş edirəm bu məsələni də İstanbulun qanmaz nazirlərinə başa salın və onlara belə bir sual verin: Sual – Nazir həzrətləri! Xalis müsəlman, şafei-məzhəb və qiblə əhli olan çeçen tayfası bu gün öz dilində yazıları köhnə xətt və hərflərlə deyil, avropalıların yazısına oxşayan, həm də soldan-sağa yazılan, bax, sizə göstərdiyim bu əlifba ilə yazır, oxuyur və elmləri öyrənir. Ey nazirlər! Deyin görək, sizin fikrinizcə bu çeçen tayfası kafirdirmi, ya yox? Onlar islam dinindən çıxıb, mürtəd, kafir və məlun olmuşlar, ya yox? Əgər desələr ki, bəli, kafərdirlər və lənətə layiqdirlər, onda bu sözləri onlara oxuyun: “La ilahə illəllah və Mühəmmədən Rəsulüllah – deyib, üzü qibləyə namaz qılanın peyğəmbər əleyhissəlamın dediyinə əsasən, təkfir edilməsinə icazə verilmir”. Peyğəmbər əleyhissəlamın sözləridir ki: “Qiblə əhlindən bir fərdin belə haqqında lənət oxumaq, yəni onu təkfir etmək olmaz”. Əgər desələr ki, xeyr, kafər və məlun deyildirlər, onda onlardan soruş ki, elə isə, ey nazirlər, siz hansı dəlilə və hansı əsasa görə yazımızda bitişməz hərflərin işlədilməsini fransız yazısına oxşatmağı və köhnə islam yazısını və ərəb hərflərini ləğv etməyi küfr əlaməti hesab edirsiniz? Siz hansı sənəd əsasında ərəb əlifbasını dinin bir hissəsi sayırsınız? Halbuki, bizim tətbiq etmək istədiyimiz yeni hərflərin hamısı, cüzi bir dəyişiklik ilə şəkilcə həmin sabiq hərflərimizin özlərindən ibarətdir. Məsələn: hərfi, yeni əlifbada yenə də hərfi olaraq qalır. hərfi sabiq hərfi, hərfi də yenə hərfimizdir ki, onların görünüşündə cüzi dəyişiklik olmuşdur. Bütün əlifbamızda olan hərflərin hamısı da bunlar kimi. Əcnəbi xalqların hərflərindən heç bir hərf və heç bir əlamət alınmamışdır. Heç bir vəchlə demək olmaz ki, bu yeni hərflər avropalıların hərfləridir. Əgər bir nəfər bizə qarşı belə bir töhmət vurarsa, açıq-aydın iftira və böhtana əl atmış olar. Ruhül-qüds! Xahiş edirəm ki, bu mübahisənin nəticəsini yazıb, mənə bildirəsiniz. Əgər nazir həzrətləri zorakılığa və hədə-qorxuya əl atarlarsa, o, tamamilə başqa işdir. Hər halda siz əlifba məsələsinə dair fransız dilində bir məqalə yazıb çap etdirin və qəzetdən bir neçə nüsxəsini mənə göndərin! Mən də, cənab Şeyxülislam da xahiş edirik ki, mükəmməl tərtib etdiyiniz yeni samit və sait hərflərinizin şəkillərini çap nüsxəsi olarsa, çap olunmuş halda olmazsa, qələmlə yazılmış halda çox zəhmətə səbəb olan təfsilat ilə deyil, bir-iki səhifədə yazıb bizə göndərəsiniz ki, nəzərdən keçirək. Mənim bütün məktublarımı əvvəldən axıra qədər xüsusi bir dəftərə köçürüb saxlayın ki, biz öldükdən sonra gələcək nəsillər üçün tarixi və əntiqə sənədlər olacaqdır. Qardaşınız Mirzə Fətəli * * * Cəlaləddin Mirzəyə Fətəli şah Qacarın oğlu şahzadə Cəlaləddin Mirzəyə göndərilmiş məktubun surəti Həzrət-əşrəf, alinəsəb, azadə şahzadə Cəlaləddin Mirzə, Allah onun ömrünü uzun eləsin, hüzuruna ərz edirəm. Mübarək məktubunuz yetişdi. Son dərəcədə sevinc və başıucalığıma səbəb oldu. Şahzadə naxoşluqdan sağaldığı üçün hədsiz dərəcədə şad oldum. Xəbər vermişsiniz ki, Allahın evini ziyarət etmək qərarına gəlmişsiniz. Xahiş edirəm ki, həm gedəndə, həm də gələndə Tiflis yolu ilə keçib, bəndənizin evində mənzil edəsiniz ki, qonaqpərvərlik vəzifəmizi yerinə yetirək və bir neçə gün burada qalmağınız fürsətindən istifadə edərək, həzrət-əşrəfinizin mübarək görüşü və söhbətindən şad və xoşhal olaq. Şahzadənin dövlətindən, yaraşıqlı və səliqəli çoxlu otaqlarım vardır ki, həzrət-əşrəfinizin mənzil etməsinə layiq ola bilər. Kərim Allah bir parça çörək əta etmişdir ki, sizin kimi əziz və şəniyüksək qonaqların qarşısında xəcalət çəkib başıaşağı olmayaq. Xahiş edirəm ki, yola düşəcəyiniz vaxtı əvvəlcədən yazıb mənə bildirəsiniz. Həzrət-əşrəfinizin məktubunu “Nameyi-xosrovan”ın iki cildi ilə birlikdə Şeyxülislam cənablarına çatdırdım. Mən hazırda yaylaqdayam. Şeyxülislam şəhərdə qalxmışdır. Görüşümüzdən sonra cavabını həzrətəşrəfə yazaram. Əlifba hələlik çap olunmamışdır. Bir çox məsələlər və maneələr meydana çıxmışdır. Əhvalatın nə yerdə olduğunu əzəmətli ağam Mirzə Yusif xan cənablarına yazmışam. O, əlbəttə, həzrət-əşrəfə nəql edəcəkdir. Yazıq Ruhül-qüds mənə yanıqlı bir məktub yazmışdır. Müasirlərinin tərsliyindən, yolagəlməzliyindən dad çəkib, fəryad edir. Görək, işin sonu nə olacaqdır. “Sarısifət kişicik” həmin adamdır ki, tapmışsınız. “Nameyi-xosrovaı”ın ikinci cildin aldıqdan sonra, bir gün İranın dövlət xadimlərindən biri Tiflis yolu ilə hara isə gedirdi. Əvvəldən tanış olduğumuza görə görüşünə getdim və söhbətarası həmin mənzuməni oxudum. Elə ki: “Birdən sarısifət bir kişicik mənim murad piyaləmə zəhər qatdı...” beytinə çatdım, müsahibim “Sarısifət kişiciyin” kim olduğu barədə mənim izahatıma macal vermədən dedi: “Birdən sarıtük kişicik o olar ki, indi İrana yollanmışdır. O natəmiz oğlunun şərindən Allah öz bəndələrini saxlasın!”. Mən onun ağıl və fərasətinə əhsən dedim. Tiflis yaxınlığındakı Qocur yaylağında həzrət-əşrəfə ixlası olan Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı. 29 iyul 1871-ci il Əziz dostum Manukci Sahibin məktubunu açıq qoyuram ki, cənabınız da oxuyasınız. * * * Manukciyə Zərdüştilərin Tehranda yaşayan rəhbəri əziz dostum Manukci Sahibə yazılmış 29 iyul 1871-ci il tarixli məktubun surəti Mənim əziz və mehriban dostum Manukci Sahib! Allah ömrünüzü artırsın! Sizin könülaçan məktubunuz çatdı, hədsiz sevinc və şadlığıma səbəb oldu. Hər şeydən əvvəl, həzrət-əşrəf şahzadeyi-azadə Cəlaləddin Mirzədən son dərəcədə razı və məmnunam ki, məni sizinlə tanış etmişdir. Bundan başqa, sizinlə dost olmaqdan ona görə fövqəladə şadam ki, siz bizim babalarımızın yadigarısınız. Əsrlərdən bəridir ki, vətənimizin düşmənləri vasitəsilə biz sizdən o dərəcədə uzaqlaşmışıq ki, indi siz bizi başqa bir xalq və başqa bir məzhəbdə olan adamlar hesab edirsiniz. Mən bu ziddiyyətin aradan qalxmasını arzu edirəm. Qoy bütün iranlılar bir həqiqəti başa düşərək desinlər ki, biz parsların övladıyıq, İran bizim vətənimizdir. Hümmət sahibi olmaq, ülviyyət axtarmaq, qeyrət və namus sahibi olmaq bizdən öz həmnəsillərimiz, həmdillərimiz və həmvətənlərimizin təəssübünü çəkməyi tələb edir. Biz yadların, yolkəsənlərin, qaniçənlərin təəssübünü çəkməməliyik! Biz əcnəbilərin cəhənnəmə oxşar torpağının deyil, behiştə bərabər olan vətənimizin şərəfini ehya etməliyik. Babalarımız ədalət sahibi və mələktəbiətli adamlar olmuşlar. Onların övladı olan bizlər də bu gözəl sifətlərdə onların ardınca getməliyik. Zalımların, əhrimənlərin göstərdiyi yolla getməməliyik. Mən özüm zahirən türk olsam da, əslim parslar nəslindəndir. Ulu babam Hacı Əhməd Rəştdən gəlib, Azərbaycanda vətən tapmışdır. Atam Mirzə Məhəmməd Təqi və mən özüm Azərbaycanda doğulub böyümüşük. Lakin mən sizin bir əqidənizlə razılaşa bilmirəm. Siz belə bir əqidədəsiniz ki, şərarət və pis əməl sahibləri heç bir zaman ağıllı və xeyir iş görən adamlar ola bilməzlər; Əhriməndən mələk çıxmaz. Sizə xatırlatmalıyam ki, bu şərarət və pis əməl sahibləri min iki yüz neçə il bundan qabaq ağıllı və xeyirxah adamlar idilər ki, sonradan şərir və bədəməl adamlar olmuşlar. Yəni onlar mələk idilər. Əhrimən olmuşlar. Madam ki, mələk Əhrimən ola bilər, Əhrimən də mələk ola bilər. Biz hər şeyin səbəbini nəzərdə tutmalıyıq. Nə səbəbə görə, mələk Əhrimən olmuşdur? Əgər bu səbəb aradan qaldırılarsa, Əhrimən təzədən dönüb mələk olacaqdır! Kəmalüddövlənin öz əsərini yazmaqda əsas məqsədi həmin bu səbəbi aradan qaldırmaqdır. Siz deyirsiniz: Ərdəşiri-Babəkan və fərhəng sahibi Keyxosrov lazımdır ki, Əhrimən mələk olsun. Mən isə deyirəm ki, xeyr, məlum səbəbi aradan qaldırmaq lazımdır ki, Ərdəşiri-Babəkan, fərhəng sahibi Keyxosrov meydana gəlsin və Əhriməni mələkə döndərsinlər. Nə qədər ki, o səbəb yerindədir, dünya durduqca nə Ərdəşir, nə fərhəng sahibi Keyxosrov meydana gələ biləcəkdir. Bu cür şahların, habelə Firidunun və Ənuşirəvanın meydana gəlməsi “Peymani-fərhəng”in sayəsində idi. İran torpağı öz xasiyyətini dəyişdirməmişdir. İran əvvəldə olduğu kimi, yenə də behişt kimi bir ölkədir. Lakin bizə məlum olan səbəb onun əhalisinin təbiətini xarab etmiş, xarab edir və nə qədər ki, o, aradan qaldırılmamış, yenə də xarab edəcəkdir. Birinci dəfə siz “Səyahətnamə” kitabınızı göndərərkən, mən sizdən məktub almamışdım. İndi məlum olur ki, məktub yazmışsınız, lakin kitabçanı göndərdiyiniz vaxt yaddan çıxıb Tehranda qalmışdır. İndi isə surətini oxuyub çox-çox şad oldum. Sizin mənə olan məhəbbət və mehribanlığınızdan çox razıyam. Sizdən bir xahişim var: yazıb mənə bildirin görüm, “Kəmalüddövlə məktubları”nı harada, hansı şəhərdə çap etdirmək mümkündür? Bombeydə və ya İranın özündə bu işi görmək mümkündürmü? Hər halda, əgər belə bir iş mümkün olarsa, o zaman xahiş edirəm ki, naqis olan başqa nüsxələri deyil, mənim özümdə olan mükəmməl nüsxəni çap etdirməyə çalışasınız. Mən “Kəmalüddövlə məktubları”nın mükəmməl nüsxəsini sizə göndərmək istəyirəm. Amma elə bir etibarlı adam tapa bilmirəm. Yazırsınız ki, bəzi səbəblərə görə, Kəmalüddövlə adını İqbalüddövlə yazmışsınız. Mən etiraz etmirəm. Lakin bu qədər demək istəyirəm ki, adı dəyişdirməkdən sizin məqsədiniz nədir? Hər halda, kitabda olan məsələlər, sözlər, üslub heç bir vəchlə dəyişdirilməməlidir. Sizin mənə məktub göndərmək yolunuz həmin vasitədir ki, şahzadə öz məktublarını göndərir. Siz də məktublarınızı həmin vasitə ilə göndəriniz! Mən isə məktublarımı həzrət-əşrəf şahzadə vasitəsilə göndərəcəyəm ki, şəxsən öz əlinizə çatsın. Zərdüştilərin vəziyyəti haqqında ətraflı yazmağınızı vəd etmişdiniz. Bu vədinizi yerinə yetirəcəyinizə əminəm. “Əncümən-araye-huşəng” kitabını da göndəriniz. Mən hazırda yaylaqdayam. Cənab Şeyxülislam şəhərdə qalmışdır. Onunla görüşəndə salamınızı yetirib, cavabını sizə yazacağam. Tiflis yaxınlığında, Qocur yaylağında, dostunuz Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı. 29 iyul 1871-ci il * * * Cəlaləddin Mirzəyə 1871-ci ilin sentyabr ayında həzrət-əşrəf şahzadə Cəlaləddin Mirzəyə yazılmış məktubun surəti Həzrət-əşrəf və əmcəd-vala, alinəsəb şahzadə Cəlaləddin Mirzənin, Allah onun ömrünü uzun eləsin, hüzuruna ərz edirəm: Birinci, 29 iyul tarixində keçən mübarək məktubunuzun cavabını əziz dostum Manukci Sahibin məktubunun cavabı ilə birlikdə sizə göndərmişəm. Məktubların gec çatmasının səbəbini bilmirəm. İkinci, əziz vücudlardan olan Mirzə Tağı Təbibin vasitəsilə mənim başımı yüksəltmək üçün göndərdiyiniz məktubu oxuyaraq, nəvvabimüstətabın səlamətliyi və göz ağrısının keçməsi münasibətilə qat-qat sevincim artdı. Mirzə Tağının söylədiyinə görə, sizə Məkkəyə getmək icazəsi verilmişdir. Bu xəbəri eşidərkən sizi görmək arzularımın atəşi qəlbimdə alovlandı. Hazırda sizə ətraflı məktub yazmaq üçün bir dəqiqə də vaxtım və macalım yoxdur. Qismət olarsa, bir az sonra ölkənin vəziyyəti və öz fikirlərimizin və işlərimizin gedişi haqqında, habelə Ruhül-qüdsün nə vəziyyətdə olması və İstanbulda onun əlifbasına qarşı çıxanların necə böyük həngamə törətməsinə dair müfəssəl məktub yazıb göndərəcəyəm. Bu kiçik məktubumda ancaq şahzadə həzrətlərinə Mirzə Tağını mənə nişan verdiyi üçün öz təşəkkürümü və minnətdarlığımı bildirmək istəyirəm. Mən onu öz fikrimə və təbiətimə çox uyğun bir adam kimi tanıdım. Özümə həmfikir hesab edib, düşündüklərimi ona söylədim və son dərəcə şadam ki, nəhayət, bu xaraba qalmış şəhərdə elə bir adama rast gəldim ki, bir neçə saatlığa da olsun, onunla sərbəst söhbət edə bildim. Mirzə Tağı hüzurunuza gələrkən təfsilatı sizə söyləyəcəkdir. Onun vasitəsilə və onun xətti ilə yazılmış bəzi əlavələri xidmətinizə göndərirəm və xahiş edirəm ki, onları qoyduğum işarələrə əsasən, məlum nüsxənin lazımi yerlərinə əlavə edəsiniz ki, sizdəki nüsxə təkmilləşmiş olsun. Bu əlavələr olmadan, sizdəki nüsxə naqis hesab olunur. Əziz dostum Manukci Sahibə mənim salamımı yetirməyinizi xahiş edirəm. Ona deyiniz ki, yenə də öz “Səyahətnamə”sini mənə göndərmişdir. O bu kitabı keçmişdə də mənə göndərmişdi. İndi xahiş edirəm ki, “Əncümən araye-huşəng” kitabını mərhum atamız lələbaşı Rzaqulu xan Hidayətin yazdığı qədim fars lüğəti ilə bərabər, mənə göndərsin. Bu kitabları göndərməyi o, özü mənə vəd etmişdir. Bundan başqa ona deyiniz ki, Mirzə Tağının gətirdiyi əlavələri o da öz əlində olan nüsxəyə əlavə etsin! Eyni zamanda, bu əsəri çap etdirmək haqqında öz fikrini və mənim keçən məktubumun cavabını tezliklə yazsın! Əgər məktubum ona çatmamışdırsa, mənə bildirsin ki, surətilə yazım göndərim. Hər halda cavab gözləyirəm. Manukci Sahib bu dəfə də öz “Səyahətnamə”sini məktubsuz göndərmişdir. * * * Mirzə Melkum xana Ruhi-rəvanım, Ruhül-qüds! Avropa təqvimi ilə sentyabrın 16-da göndərdiyiniz məktub yetişdi. Yeni yazı üsulu ilə yazılmış vərəqə çeçen əlifbası idi. Həmin əlifbanı xüsusi məktubla Rusiya səfarətxanasının dəftərxanası vasitəsilə sizə göndərmişdim. Bundan başqa, poçt vasitəsilə sizə başqa bir məktub da göndərmişəm. Səfarətxananın dəftərxanasından və poçtdan hər iki məktubu almışsınız, ya yox? Bu xüsusda mənə bir qədər aydın və aşkar yazınız! Poçt vasitəsilə göndərdiyim zərf sizin Avropa təqvimi ilə mayın 28-də yazdığınız məktubun cavabıdır. Yazırsınız ki, son günlərdə nazirlər heyəti sizi tamamilə məyus etmişdir və guya bir ağızdan bağırmışlar ki: “Eyvay, Melkum bizim dilimizi zay etmək, dinimizi korlamaq, dövlətimizi məhv etmək istəyir və ilaxır”. Mənim bu məktuba göndərdiyim cavabı poçtdan almışsınız, ya yox? İndi mətləb üstünə gələk. Yazırsınız ki, Ali paşa ölmüşdür və yeni sədr-əzəm isə bizim fikirlərimizdən çox uzaqdır və bizim məqsədlərimizi dərk edə bilən az adam vardır. Habelə İstanbulun mötəbər nazirlərindən ikisi bizim böyük düşmənlərimiz olublar, çığır-bağır salıblar ki, köhnə islam əlifbasını dəyişdirmək islam dövlətinin məhvinə səbəb olacaqdır. Cənab Ruhül-qüds! Görürəm ki, böyük bir həngamə qopmuşdur. Vəziyyət o qədər gərgindir ki, sizin iradənizdə belə sarsıntı müşahidə olunur, əlifba məsələsinin irəli getməsi işində də ümidsizlik hissinə qapılmışsınız. Belə olarsa, mübarizə və müxalifətlə işi irəliyə apara bilməyəcəyik. Gərək düşmənlərimizlə sülh və barışıq yolu ilə rəftar edək! Onların təbiətinə başqa vasitələrlə təsir göstərək! Buna görə də, mən həmin iki nəfər böyük düşmənimizə öz tərəfimdən bir məktub yazıram və o məktubu sizə göndərirəm. Əgər məsləhət bilsəniz, məktubu onlara verin və bağışladığı təsir haqqında məni xəbərdar edin! Cənab Ruhül-qüds! Cənab Münif əfəndi İstanbulda məni Osmanlı Cəmiyyəti-elmiyyəsinə dəvət etdiyi gün həmin məclis əhlinin bəzilərinin yanında mənə belə bir sual verdi: – Mirzə Fətəli, siz öz yeni yazı üsulunuzda nöqtələri tamamilə atmışsınız və bütün hərəkələri hərflər sırasına daxil etmişsiniz. Lakin sözlərin tərkibində hərflərin bitişikliyini əvvəlki qaydada saxlamışsınız. Əlifbanı dəyişdirməkdən məqsəd oxuyub-yazmağı asanlaşdırmaqdırsa, nə üçün bu işdə ayrılan, bitişməyən hərflərin mürəkkəb və bitişən hərflərdən üstün olduğunu nəzərdə tutmamışsınız? Mən ona bu cavabı verdim: – Ayrı-ayrı və fasiləli olan hərflər hər cəhətdən mürəkkəb və bitişik yazılan hərflərdən üstündür. Bu məsələ mənim üçün gizli deyildi. Lakin mən qorxdum ki, əgər yeni əlifbada fasiləli və bitişməz yazılan hərfləri qəbul etsək, yeni qayda ilə köhnə qayda arasında əsaslı fərq əmələ gələcəkdir ki, bu da xalqın qorxuya düşməsinə səbəb ola bilər. Cənab Ruhül-qüds! Yadıma gəlir ki, bir zaman İstanbulda da sizin bu xüsusda verdiyiniz suala eyni cavabı vermişdim. Hətta bir dəfə kiçik bir kağızın üzərində karandaşla yazıb sizə bildirmişdim ki, yeni əlifba layihəsində mən köhnə islam hərflərinin şəklinə zidd olan yeni bir təklif irəli sürməmişəm və bunun səbəbini də bir neçə kəlmə ilə sizə sübut etdim. Bunun səbəbi ancaq müsəlmanların qorxub-hürkməsindən çəkinməyim idi. İndi isə mənim güman və şübhə etməkdə haqlı olmağım aşkara çıxır. Cənab Ruhül-qüds! Yazırsınız ki, buradakı qəzetlər bizim məsələmiz ətrafında fransız dilində müfəssəl şərhlər yazmışlar və şiddətli mübahisələr ortaya çıxmışdır. Bu şərhlərin çap edildiyi bütün qəzet nömrələrini mənə göndərməyinizi xahiş edirəm. Mənim sizdən etdiyim xahiş ancaq bundan ibarət idi. Mənim və ya sizin adınızın onlarda çəkilib-çəkilməməsi vacib deyildir. Madam ki, mətləb vardır, mütləq göndərin! Eyni zamanda, mərhum sədr-əzəmin xüsusi katib tərəfindən onun ünvanına yazılıb çap edilən yeni əlifba haqqındakı fransız dilində olan məqaləni də mənə göndərin. Ey Ruhül-qüds, Allah rizasına, məni Bombeydə hakim olan o ingilisin bütün yazılarının və habelə əlifbaya dair yazan o italiyalı filosofun məqalələrinin ləzzətindən məhrum etməyin! Onların hamısını mənə göndərin! Xüsusilə onun sizin adınıza yazıb hədiyyə etdiyi kitabçasını göndərin! Oğlum Rəşid fransız dilini bilir, onların hamısını oxuyacaq və məzmununu mənə söyləyəcəkdir. Cənab Ruhul-qüds! Tehranın arif adamları içərisində “Kəmalüddövlə” təsəvvürə gəlməz bir həyəcan yaratmışdır. Tehran ariflərinin hamısı onun surətini köçürmüşlər. Təəssüf edirəm ki, siz “Kəmalüddövlə”nin mükəmməl nüsxəsi ilə tanış deyilsiniz və inanılmış bir adam tapa bilmirəm ki, onu sizə göndərim. Cənab Həsənəli xana məndən çoxlu salam söyləyin və deyin ki: “Birdən sarıtüklü bir kişicik ki, indi İrana tərəf yola düşübdür, Allah öz bəndələrini bu haramzadanın şərindən saxlasın”, indi İranın sipəhsaları-əzəmi olubdur. Həsənəli xanın gözü aydın! Bu günlərdə Həmzə Mirzə elçi sifətilə Tiflisə gəlmişdi. Həmin “kişicik” onun ürəyinə də dağ qoymuşdur. İmperaturi-əzəm əlahəzrətlərinin verdiyi bar məclisində mən Həmzə Mirzənin mütərcimi idim; onun bəyanatını və məktubunu çox təntənəli bir surətdə rus dilinə tərcümə etdim. İmperaturi-əzəmin bir məclisində Osmanlı elçisinin mütərcimi də mən idim. Osmanlı elçisi çox xoşagələn, işbilən, savadlı, nəcib xasiyyətli və təbiətcə səxavətli bir şəxs idi. Lakin köhnəpərəst və mühafizəkar adamlardan idi. Mən yeni əlifbanın haqq bir iş olduğunu ona isbat edə bilmədim. O, əlifbanın dəyişdirilməsinin lüzumunu şiddətlə inkar etdi. Sizin yeni dostunuz bizim böyük ağalardandır. İstanbulda olduğum zaman onu görmək arzusunda idim və bu arzu ilə də İstanbuldan qayıtdım. Ona çatdırmaq üçün yerlimiz tacir ağa Ələkbərə bir məktub verdim. Bilmirəm, göndərmişdir, ya yox? Hər halda, indi hər gecə Şeyxülislamla onun zikri-xeyrini edirik, onu görmək həsrəti ilə dünyadan gedəcəyik. Barı, bizim görüşünü nə dərəcədə arzu etdiyimizi ali cənablarına söyləyin! Cənab Şeyxülislam sizi görmək arzusundadır. Yəqin ki, dostumuz Münif əfəndi düşmənlərdən qorxur və mənə məktub yaza bilmir. Heç olmazsa, mənim salamımı ona yetiriniz. Cənab Ruhül-qüds! Bizim qarşımızda iki yoldan biri durur: ya gərək ümidimizi kəsərək yeni əlifbanın tətbiqi fikrindən birdəfəlik əl çəkək, ya da başqa tədbirlər vasitəsilə fikrimizi həyata keçirməyə və qarşımıza çıxan maneələri qaldırmağa birlikdə hümmət və qeyrət sərf edək. Yeni əlifba fikrindən daşınmaq mənim qüvvəmdən xaricdir. Mən bu fikrə elə bağlanmışam ki, ondan əl çəkmək mənim üçün çox çətindir. Mən sizin də bu barədə iradəsizlik göstərməməyinizi arzu edirəm. Hər halda, əlacsızlıqdan mən bu tədbirə əl atıram. Mən qarşıda duran və maneələrlə dolu olan bir qalaya başqa yolla hücum edirəm. Görüm, bu qalanı almaq və ona yiyələnmək mənə müyəssər olacaqdır, ya yox? Əgər bu tədbirim də baş tutmazsa və bu hücumum da rədd edilərsə, yenə də başqa tədbirlərə əl atacağam. Məgər siz bilmirsiniz ki, insanın kəlləsində olan bir ovuc beyin nə qədər müxtəlif və mürəkkəb fikirlərin xəzinəsidir?! İnsanın fikir və xəyalının vüsəti qarşısında yeni yollar tapmaq heç də çətin deyildir. Çox mümkündür ki, bu tədbirlərimizin heç birinin təsiri olmasın. Lakin yeni fikir tapmaq yenə də çətin deyildir. Heç olmazsa, ömrümüzün sonuna qədər bir işlə, bir arzu ilə yaşayaraq ondan ləzzət aparacağıq. Nə eybi vardır? Sonu bu olacaqdır ki, camaat deyəcəkdir ki, bu Mirzə Fətəli və Melkum əcəb səfeh adamlardır, istəyirlər ki, bu ölmüş milləti yenidən diriltsinlər!.. Düşmənlərimizə yazdığım məktub sizin nəzərinizdə mənasız və cəfəng görünərsə, onu heç kəsə verməyin, mənə xatırladın ki, başqa cür məktub yazım! Hər halda, mən hər cəhətdən sizin fikirlərinizi, işarələrinizi və tapşırıqlarınızı yerinə yetirməyə hazıram. Cənab Ruhül-qüds! Düşmənlərimizin ünvanına yazdığım məktub xoşunuza gəlsə və məsləhət bilsəniz, yazın, onu Tehrana göndərdim ki, bir şey artırıb-əskiltmədən, orada qəzetdə dərc etsinlər. Çünki Mirzə Nəbi xanın oğlu da Tehranda demişdir ki: “İslam əlifbasını dəyişdirmək İranda qacarlar sülaləsi dövlətinin zəvalına səbəb olacaqdır”. Bu gün özlərini İranda dövlət başçılarından hesab edən avara lotular da onun sözünə qulaq asaraq, əlifba xüsusunda ağızlarına su almışlar. Bu xəbəri eşitdikdən sonra ürəyim yandı, bir mənzumə yazdım ki, birinci beyti belədir: “Mənim ömrüm bu fani zəmanədə kədər və qüssə ilə başa çatdı”. Qardaşınız kolonel Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı. 14 oktyabr 1871-ci il, Tiflis * * * Mirzə Melkum xana (ayrıca vərəqə) Ayrıca vərəqə Cənab Ruhül-qüds! Olmaya-olmaya belə zənn edəsiniz ki, mən doğrudan da bu fikirdəyəm ki, xalq üsyan edəcək və qovğa düzəldəcəkdir. Kül belə millətin başına! Bu əsrdə millətdə o hal qalmamışdır ki, əlifbanın dəyişdirilməsi üstündə müharibəyə qalxışsın. Bu xüsusda mənim əqidəm, eynilə odur ki, siz bu barədə Şeyxin cavabında demişsiniz: Şeyx – Necə yəni! Siz belə bir dairəni necə ləğv edə bilərsiniz; məgər bu zarafatdır! Millət bizim dərimizi soyar. Vəzir – Millətin şüuru barədə qəribə əqidəniz vardır. İndiyə qədər necə... ilaxır... Düşmənlərimiz ya anlamırlar, ya da ki, anlayırlar, amma sizin barənizdə tərslik və paxıllıq edirlər. Mən onlara nə yazmışamsa, əlacsızlıq və həyəcan üzündən yazmışam. Əgər düşmənlərə yazdığım kağızı verməli olsanız, kağızın başında onların adını layiqli ləqəblərlə yazıb, zərfin möhrünü yapışdırıb veriniz! Mirzə Fətəli * * * Osmanlı nazirlərindən iki nəfərinə yazılmış məktub 1871-ci il 14 oktyabr tarixində Mirzə Fətəli tərəfindən Böyük ağalarım! Allah ömrünüzü uzun eləsin! Mən siz cənablarla görüşüb tanış olmaq şərəfinə nail olmamışam. Lakin dostlarım İstanbuldan xəbər verirlər ki, islam əlifbası məsələsində sizin əqidəniz bambaşqadır. Sizin nəzərinizdə elə görünür ki, köhnə islam əlifbasını dəyişdirmək, yəni köhnə islam xəttini dəyişdirmək islam dövlətinin zəvalına səbəb olacaqdır. Buna görə də mən sizə həmin məktubu yazmağa cəsarət edirəm. Mən ümumiyyətlə sizin fikrinizin haqlı olduğuna şərikəm və qabaqcadan sizə deyirəm ki, əlifbanın və köhnə islam xəttinin dəyişdirildiyi təqdirdə nə kimi bir həngamə qopacaqdır. Müsəlman tayfalarının əksəriyyəti savadsız və dünyanın vəziyyətindən və xalqlarının tarixindən xəbərsizdirlər. Hətta, bizim ruhani alimlərimizin belə, dünya mədəniyyətindən xəbərləri yoxdur. Belə bir vəziyyətdə əgər biz əlifbanı və köhnə islam xəttini dəyişdirməyə iqdam etsək və avropalıların xəttinə oxşar bir əlifba qəbul etsək, əvvəlcə ruhanilər və onların ardınca bütün xalq baş qaldırıb fəryad qoparacaqlar ki: “İslam dövlətinin başçıları bizim xəttimizi dəyişirlər, dinimizə rəxnə salırlar, islamiyyəti aradan qaldırırlar, bizi avropalıların rüsum və adətlərinə tabe edirlər”. Bu cür qışqır-bağırın nəticəsi də bu olacaqdır ki, müdafiə olunan məmləkətlərin hər yerində, hər guşəsində, xüsusilə Ərəbistanda, Yəməndə, Misirdə, Məğrib-Zəmində, Afrika və Asiyanın başqa yerlərində qovğalar və üsyanlar baş verəcək, həngamələr qopacaq, fitnələr başlayacaq və qanlar töküləcəkdir ki, qələmlə vəsfini etmək çətindir. Bu hadisələr baş verdikdə, nəinki şahlıq və dövlət təhlükə qarşısında qalacaq, bəlkə də ehtimal ki, islam xalqları arasında qan tökmək işi hətta yüz il bundan sonra belə dayandırıla bilməyəcəkdir. Köhnə islam xətti dəyişdirildiyi təqdirdə belə bir vəziyyətin yaranacağını mən Mirzə Fətəli Axundzadə tam yəqinliyi ilə qabaqcadan müşahidə edirəm. Əgər Melkum xan və köhnə xəttin dəyişdirilməsinə tərəfdar olan başqaları bu əqidəni inkar edərlərsə, onlara deyə bilərsiniz ki, İbn-Muqlə islam xəlifələrinə yaxın olduğu halda, nazir rütbəsinə malik olduğu halda, kufi xəttini nəsx xətti ilə əvəz etmək qərarına gəldiyi zaman, avam camaatın və ümumi qarmaqarışıqlığın qorxusundan bu işə birdən-birə cəsarət edə bilmirdi. Buna görə də müdafiə olunan bütün islam məmləkətlərində belə bir şayiə yayıb elan etdi ki, guya Əli ibn-Əbutalib, Allah ondan razı olsun, onun yuxusuna gəlmiş və kufi xətti nəsx ilə əvəz etməyə onu məmur etmişdir. Xalq onun yuxusuna inandı. Çünki İbn-Muqlə dindar, Quranın üzünü köçürən bir adam idi, ruhanilərin və avam camaatın etimad və etibarını qazanmışdı. Bu yuxu, cürbəcür və müxtəlif bəlalar qarşısında İbn-Muqlə üçün bir qalxan olub, onu müdafiə etdi. Xalq onu böyük imamın məmuru zənn etdi və görəcəyi işə razılıq verib susdular. Bu yuxunun sayəsində idi ki, İbn-Muqlənin hərəkəti üsyan və qovğaya səbəb olmadı. İbn-Muqlənin yuxu görməsi və kufi xətti dəyişdirməsi əhvalatı, mən yazdığım həmin şəkildə “Süleymaniyyə” kitabında şərh edilmişdir. Ola bilsin ki, bu mətləb başqa kitablarda da fəzilət sahiblərinin nəzərinə çatmışdır. Mən Mirzə Fətəli Axundzadə və habelə Melkum xan və köhnə islam xəttini dəyişdirmək tərəfdarı olan başqaları, aydındır ki, günahkar adamlardanıq. Biz zahidlik və müqəddəslik iddiasında ola bilmərik. Avam camaat və ruhanilər bizə inanmaz. İbn-Muqlənin gördüyü yuxunu biz görə bilmərik, görsək də, heç kəs bizə inanmaz. Bununla belə, biz istəyirik ki, köhnə islam xəttini avropalıların işlətdiyi xətt ilə əvəz edək. Elə isə, ehtimal olunan şübhəsiz bəlalardan özümüzü qorumaq, üsyanları və qovğaları aradan qaldırmaq üçün hansı sipər və nə kimi vasitələrimiz vardır? Heç nə! Bununla da, mən Mirzə Fətəli Axundzadənin, Melkum xanın və başqalarının arzu etdiyimiz tərzdə köhnə islam xəttini dəyişdirmək qeyrimümkün işlərdən hesab olunur və belə bir işə əl qaldırdıqda böyük hadisələrin baş verəcəyi aydındır. Ona görə də mən sizin dövlət dostu olmağınıza, dindarlığınıza, vətənpərvərliyinizə, uzaqgörənliyinizə afərinlər göndərib, təqdirlər yazıram. Lakin, ey mənim böyük ağalarım! Digər tərəfdən də, siz islam xalqlarının başçılarından olduğunuza görə vacib hesab edirəm ki, müsəlmanların vəziyyətini və əhvalını yaxşılaşdırmaq barədə fikirləşəsiniz və xatırlayasınız ki, bütün hicri tarix boyunca, islam xalqını mədəni xalqlardan geri salan səbəblər nədir və hansı tədbirlər vasitəsilə bu xalqı tərəqqilərə çatdırmaq olar ki, nəticədə fitnələr baş vermiş olmasın? Tərəqqi yolunun əsas maneələrindən biri, islam əlifbasının çətinliyidir. On min nəfər müsəlman içərisindən bir nəfər savadlı tapmaq olmur. Qadınların hamısı savadsızdır. Bizim savadlı sayılanlarımızın da çoxunun savadı naqis və yox dərəcəsindədir. Belə olduqda, rəvadırmı ki, dövlət vəkilləri və başçıları islam xalqının bu vəziyyətinə yanmasınlar? Onun xoşbəxtliyi və tərəqqisi üçün səy və qeyrət göstərməsinlər? Bu dünya fanidir! Dünyada yaşamağın yeganə ləzzəti yaxşı ad qazanmaqdır ki, o da xeyir əməllərin sayəsində əldə edilə bilər. Əgər xudavənd-aləm bizdən soruşsa ki, sizə dünyada yetmişhəşdat il tam qüdrətli ömür verdim, bu müddətdə bəndələrimə nə kimi xeyir işlər gördünüz? O zaman nə cavab verəcəyik? Gəlin əl-ələ verək, Allah bəndələri barədə, islam xalqının xoşbəxtliyi barədə düşünək! Deməyin ki, Mirzə Fətəli, sənə nə var?! Melkum xan, sənə nə var?!. İnsanlar təbiətinə görə heç bir şeyi başqasına vermək istəmirlər. Onlar təkcə bir şeyi, öz biliklərini başqalarına verməyə hərisdirlər. Bilik elə bir şeydir ki, başqalarına bağışlanılmazsa, onun sahibi dərdə düşər, ömrü qüssə və kədər içində keçər. Mən və Melkum xan islam xalqının naxoş olduğunu görürük, onun dərdinin əlacını da bilirik və bizdə olan bəşər təbiətinin tələbatı üzündən bu əlacı xalqdan gizli saxlaya bilmirik. Əgər gizlətsək, özümüz də naxoş olacağıq. İslam xalqının tərəqqisini təmin edib, eyni zamanda fitnə və fəsada səbəb ola bilməyən yeganə tədbir, mənim fikrimcə, bundan ibarətdir ki, islam əlifbası məsələsi ilə məşğul olmaq üçün İstanbulda xüsusi bir məclis təsis olunsun. O məclis belə bir qərar çıxarsın ki, köhnə islam xətti Qurani-şərif, fiqh kitabları və bütün dini kitablar üçün əsla dəyişilmir və ruhani alimlərimiz həmişə dini elmləri bu əlifba ilə öyrənməli, oxumalı və öyrətməlidirlər. Lakin dini işlərə əsla dəxli olmayan dünyəvi elmlər və müxtəlif sənətlərə aid olan kitablar üçün xüsusi məclis yeni bir əlifba tətbiq etməlidir ki, peşəkarların, qoşun əhlinin və başqa dövlət məmurlarının uşaqları dövləti məktəblərdə elmləri və bilikləri həmin əlifba ilə öyrənsinlər. Xüsusi məclis bütün xalqı başa salmaq üçün daima qəzetlərdə açıqaydın yazıb elan etməlidir ki, köhnə islam əlifbası öz yerində qalır. Bunu da yazmalıdır ki, köhnə əlifba dəyişdirilərsə, fitnə və fəsad baş verə bilər. Dövləti-əliyyə və din alimləri onun dəyişdirilməsinə heç bir vəchlə razı olmayacaqlar. Ancaq köhnə əlifbanın çətinliyi üzündən onu öyrənməyə qüdrəti, vaxtı və imkanı olmayan yoxsullar, peşəkarlar, qoşun əhli və başqa dövlət qulluqçuları üçün dövləti-əliyyə xüsusi məclisin məsləhəti ilə yeni və ayrıca bir əlifbanın tətbiqinə icazə vermişdir ki, həmin təbəqələrdən olan adamlar bu yeni əlifbanın köməyi ilə az bir zaman ərzində savadlanmağa qadir olub, sonra hər birisi öz məişət işlərilə məşğul ola bilsinlər. Bu yeni və ayrıca xətti isə, islam xətti adlandırmayacağıq! Bu yeni xətt, rəssamlıq və sairə kimi, sənətin bir növüdür. Necə ki, Əbdürrəhman ibn-Xəldun da öz tarixinin birinci cildində xətti sənət növlərindən hesab edib yazmışdır: “Yazı və xəttin insanların yaratdığı sənət növlərindən olması haqqında fəsil, o da hərflərin quruluşu və şəkillərindən ibarətdir, ilaxır”. Sonra isə deyir: “Xətti bilmək kəmalşərti deyil. Çünki xətt mədəniyyət və məişət sənətləri növündəndir. Onun naqisliyi dini nöqsan sayılmaz, ancaq məişət vasitələrinin nöqsanı sayılır”. Bu yol ilə də yeni və ayrıca xəttə icazə verilməsi ilə ümumi xalq öz dini barədə qorxuya və təşvişə düşməyəcəkdir. Belə bir tədbir sayəsində dövlət və səltənət üçün əsla heç bir təhlükə ehtimal olunmayacaqdır. Mən Mirzə Fətəli Axundzadənin və Melkum xanın yeni xəttin ixtira və tətbiqinə müdaxilə etməsinə əsla ehtiyac yoxdur. Qoy, xüsusi məclis özü yeni əlifbanın yeganə ixtiraçısı və tətbiqedicisi olsun! Ancaq bu şərtlə ki, yeni yazıda əbəda nöqtə olmasın, hərflər nöqtələrin köməyi olmadan bir-birindən seçilsinlər, hərəkələr və saitlər tamamilə və hamılıqla hərflərin sırasına daxil edilsinlər; hərflər isə sözlərin tərkibində bitişməz və ayrı-ayrı yazılsınlar. Bu üsul qəribə bir iş və ya təkcə avropalılara xas olan üsul deyildir. Ayrı-ayrı yazılıb bitişməyən hərflər, kufi xətti meydana gəlməzdən əvvəl ərəblərdə, Himyər tayfasında da mövcud olub işlənilirdi. Necə ki, Əbdürrəhman ibn-Xəldun öz tarixinin birinci cildində, yuxarıda qeyd edilən bəhsdə yazır: “Himyər tayfasında bir xətt var idi ki, “məsnəd” adlanırdı, hərfləri isə bitişməzdi”. Yeni xətti islam xətti adlandırmayacağıq. Ona görə ki, islam xətti ancaq dini elmlər üçün saxlanılan xətdir. Yeni xətt isə ayrıca bir sənət növüdür ki, xalqın məişəti üçün onu öyrənməyi lazım bilmişik. Odur ki, həmin sənətin öyrənilməsi işini asanlaşdırmaq məqsədilə həmin xətti əgər soldan-sağa yazsaq, heç kəs bizi danlayıb məzəmmət etməz. Yeni xətt üçün hərflərin şəkillərini ixtira və tətbiq məsələsində qoy xüsusi məclis yer üzü xalqlarının bütün əlifbalarını göz qarşısına qoysun və onlardan hər hansının şəkli xoşuna gələrsə, onu seçsin! Əlbəttə, gözəllikdə, zəriflikdə misilsiz olub. Həm də öz köhnə hərflərimiz əsasında düzəldiklərinə görə üstünlüyə malik olan Melkum xanın ixtira etdiyi hərflərin şəkilləri də xüsusi məclisin nəzərindən qaçmamalıdır. Nəhayət, sizin kimi böyük ağaların ömrünün uzun olmasını arzu edərək, həm əlifba məsələsində, həm də yazıb təklif etdiyim tədbir barədə şəfqətli cavabınızı arzu edirəm. O böyük ağalara ixlası olan kolonel Mirzə Fətəli Axundzadə * * * Mirzə Yusif xana Mirzə Yusif xan Müstəşarüddövləyə Əzəmətli ağam, səadətiniz daimi olsun! Əziz məktubunuz məhərrəm ayının 2-də yetişdi. Poçtun gecikdiyinin səbəbini bilmirəm. Hər halda, sədr-əzəmlik təsis olunduqdan sonra sizdən başqa tehranlı dostlarımın hamısı məni birdəfəlik unutmuşlar. Mənim aligövhər şahzadəm məni daha yadına salmır və üç məktubuma cavab göndərməmişdir. Mirzə Məhəmməd Cəfər Qərəcədaği artıq komediyaların tərcüməsi barədə susmuşdur. Əli xan məni elə unutmuşdur ki, guya heç tanımırmış. Tiflisə gələn və mənimlə məktublaşmaq vədini verən kaşanlı Mirzə Tağı Təbib bir guşəyə elə sığınmış ki, varlığından heç bir əsər görünmür. Hətta bizim dünyagörmüş qoca dostumuz zərdüştinəsəb Manukci Sahib də vəd etdiyi “Əncümənaraye-huşəng” kitabını göndərməyi bir yana qalsın, özünü elə kənara çəkmişdir ki, sanki nəfəs çəkməyə cürəti yoxdur. O da mənim üç məktubuma cavab yazmamışdır. Nə isə, əvvəllər vəziyyət başqa cür idi, indi isə başqa cür olmuşdur. Vəziyyət elə qalmadı, belə də qalmayacaq! Bütün dostların susmasını üzürlü hesab edirəm. Sizin işarənizi anlamaq üçün fikirləşmək lazım deyildir. Son dəfə Tiflisə gəldikdə sizə verdiyim şeirləri yəqin ki, oxumuşsunuz: “Haramzadəyə bel bağlamayın! Zəncini yumaqla ağartmaq olmaz”. Təbiətlərində yaltaqlıq və alçaqlığın təsiri olan adamlar belə, mənim nəzərimdə yüksək təbiətli və qeyrətli adamlardır. Lakin bizim hərifin təbiətinə yaltaqlıq və alçaqlıq da təsir etmir. Hər kəsdən ki, qorxur, çəkinir, özünü ona xeyirxah göstərir. Alçaq təbiətli, yaramaz, rəzil və qorxaqların xasiyyəti belədir. Siz nə iş üçün Bakıya gəlmişsiniz? Buradan haraya gedəcəksiniz? Bəs sizin Ədliyyə Nazirliyiniz və Tiflisdə mənimlə Şeyxülislama göstərdiyiniz avropasayağı qanun məcəllənizin aqibəti nə oldu? Ədliyyə naziri vəzifəsini Zəhirüddövləyə vermişlər. Tiflisdə mən Zəhirüddövlədən soruşdum ki, savadınız varmı? Cavabında dedi ki: “Xeyr, savadım yoxdur”. Bəs savadsız adam necə nazir olacaqdır? Bəs sizin həmin nazirlik haqqında Tehran qəzetinin bir neçə nömrəsində dərc etdirib oxuculara sabun köpüyünə oxşayan fikirləriniz haqqında elan etdiyiniz o taraqqa-turuqlu islahat haraya getdi?! Sizin həyata keçirmək istədiyiniz qanunlar bugünkü İranda ona oxşayır ki, bir arabaya bir at, bir ulaq, bir camış və bir öküzdən ibarət müxtəlif yerişli dörd heyvan qoşasan. At surətli gedəndir, ulağın yerişi ortadır, camış ağır gedəndir, öküz isə özünü tərsliyə qoyub, başqalarının da yeriməsinə mane olandır. Belə bir vəziyyətdə, əlbəttə, araba əsla irəli getməyəcəkdir. At öz yoldaşlarına deyəcəkdir ki: “Gəlin qeyrət edin, arabanı çəkək!” Ulaq istər-istəməz buna razı olaraq, alababat hərəkət edəcəkdir. Camış atın sözünü ikrahla dinləyəcək və ağır-ağır hərəkət edəcək, öküz isə nə atın sözünü dinləyəcək, nə də yerindən hərəkət edəcəkdir. Təfəkkür sahibi olan siz, arabanın irəli getməsini istəyirsiniz. İrandakı liberallar sizin xəyalınızın tərəfdarı olmaqla, mən dediyim at kimidirlər. İranın yerdə qalan camaatı isə ulaq, camış və öküz təbiətindədirlər ki, istər-istəməz sizin fikirlərinizə ya şərik olur və ya onu rədd edirlər. Bütün İran camaatı at təbiətində olmalı, onların hamısı liberal olmalıdır. O zaman sizin arabanız yola düşə bilər. Bunlar hamısı sizin üçün bir təcrübədir. Siz bilməlisiniz ki, nə qədər ki, “Kəmalüddövlə” çap edilməmiş və bütün əhalinin fikrində kök salmamışdır, nə qədər ki, biri digərindən ayrı yazılan bitişməz hərflərə malik olan əlifba bitişik yazılan hərflərə malik əlifbanın yerini tutmamışdır, nə qədər ki, kəndli, şəhərli və bütün əhali savadlanmamışdır və elm sahibi olmamışdır, sizin zəhmətləriniz hamısı heçə – puça çıxacaqdır. Avropadan gətirdiyiniz və bütün ayələri və hədisləri öz fikirlərinizin sübutu üçün dəlil hesab etdiyiniz kitab avropalıların fikrinin məhsulu idi. Siz elə bilirsiniz ki, onu əxz etməklə, məqsədə çatmaq olar. Lakin siz bilmirsiniz ki, mənəvi və fikri tərəqqi ölkədəki zahiri və əməli tərəqqidən əvvəl baş tutmayıbdır. İnsan təcrübə sahibi və ağıllıların düzəltdiyi planların sirlərini dərindən öyrənmədikcə, başqalarının təcrübəsini olduğu kimi mənimsəməkdən heç bir nəticə əldə edə bilməz. Siz görəcəksiniz, bizim hərif axırda haraya çatacaqdır. Əgər Ruhül-qüds də gəlib öz əlifbasını həyata tətbiq etməzsə, onun bütün səyləri və zəhmətləri nəticəsiz qalacaqdır. Məgər bütün camaat ayələri və hədisləri anlayırlar? Ayələr və hədislər bu işə çarə edə bilərmi? İran camaatı avropalıların fikirlərini qavramaq istedadına malik olmalıdır. Avropalıların təcrübələri və hünərlərini mənimsəməkdən əvvəl onların xəyalı iranlıların şüurunda özünə yer tapmalıdır. Deyəcəksiniz ki, Mirzə Fətəli, sənin də fikirlərin həyata keçiriləsi deyildir! Bəli, hələlik, bu da doğrudur. Lakin mənim fikirlərim heç olmazsa haqdır. Bir zaman gələcəkdir ki, bizim arzularımız mənim xəyalımla həqiqətə çevriləcəkdir. Sizin bir daha Tiflisə yolunuz düşəcəkdir, ya yox? Mən və Şeyxülislam sizi görmək həsrətindəyik. Ruhül-qüdsün məktubunu sizə elə bir vasitə ilə göndərdim ki, şübhəsiz, çatacaqdır. Bilmirəm mənə nə kitab göndərmişsiniz. Mən sizdən heç bir kitab almamışam. Əlbəttə, nə vaxt və kimin vasitəsilə göndərdiyinizi yazın! Şeyxülislam sizə çoxlu salam göndərir. Əgər zəhmət olmazsa, özünüzün vəziyyətinizdən, əhvalatınızdan və İranın yeniliklərindən ətraflı bir məktub yazıb göndərin! Əmin olun ki, onun məzmununu məndən və Şeyxülislamdan başqa heç kim bilməyəcəkdir. Biz sizin əhvalatınızı bilməyin təşnəsiyik. “Tehran” qəzetindən çox şikayətli və rəncidəyəm. Mazəndəran səfəri təəssüratının və Dovşantəpə ov səfərinin əhvalatının nömrədən-nömrəyə keçməsi az qalmışdır ki, bizi Tiflisdən qaçaq salsın. Oğlum Rəşid sizin əlinizi öpür. Gimnaziyanı bitirmiş, hazırda evdə ərəb və fars dillərini öyrənməklə məşğuldur, fransız müəllimi də vardır. İndi fransız dilini çox yaxşı bilir. Qabiliyyətli cavandır. İstedad və əxlaqından qəlbən çox razıyam. Xudavəndi-aləm gözümün işığı Hüseyni və onu öz himayəsində saxlasın ki, bizdən sonra onlar bizim yadigarlarımızdır. 1872-ci il martın 3-də Tiflisdə, sizə ix- lası olan Mirzə Fətəli tərəfindən yazıldı. * * * Mirzə Yusif xana Əzəmətli ağam Mirzə Yusif xan! Səadətiniz daimi olsun! Yazırsınız ki, cəlal sahibi sədr-əzəm cənab ları öz vəzifəsində İranda o işləri görəcəkdir ki, Böyük Pyotr Rusiyada görmüşdür. Ümid var ki, bizim həmvətənlərimiz tərbiyəsizlik bəlasından xilas olsunlar. Elə isə, mən Mirzə Fətəlinin sizin cəlal sahibi, yüksək və əziz cənabınıza təbrik yazmağımın yeri vardır. Lakin hər iddia üçün dəlil göstərmək lazım gəlir. Böyük Pyotr öz xalqını tərbiyəsizlik və savadsızlığın bəlasından xilas etmək üçün rusların köhnə əlifbasını ləğv edib, yeni bir əlifba tətbiq etmişdir. Sizin sədrəzəm cənabları isə köhnə əlifbanı saxlayır. Bəs hansı vasitə ilə o, bizim xalqımızı tərbiyəsizlik və savadsızlığın bəlasından xilas edəcəkdir. Yeni əlifbanın tətbiqindən və maarifin genişləndirilməsindən əvvəl İran ölkəsində görülə biləcək hər cür mülki tədbir nəticəsiz və bəhrəsiz qalacaqdır. Belə bir vəziyyətdə İranda görülən hər bir tədbir qumsal səhrada tikilən bir evə oxşayır ki, külək qalxdıqda bu binanı alt-üst edərək, yerlə yeksan edəcəkdir. Bu o deməkdir ki, maarifin yayılmasından əvvəl görülən hər cür tədbirlər alt-üst olacaqdır. İran xalqı bu gün sizin sədr-əzəm cənablarının fikrinə şərik deyildir və onun fikrində tutduğu məqsədləri dərk etmək qabiliyyətindən məhrumdur. Hər şeydən əvvəl, belə bir vasitə tapmaq lazımdır ki, xalq onun fikrinə şərik olaraq, onun gördüyü tədbirləri müdafiə etməyə hazır olsun! Bu vasitə isə köhnə islam əlifbasını dəyişdirmək, yeni əlifbanı tətbiq etmək yolu ilə maarifi yaymaqdan ibarətdir. Əgər belə olarsa, nəinki mən Mirzə Fətəli onu təbrik edərəm, hətta bütün dünya onun məddahı olar və gələcək nəsillər dünya durduqca ona təşəkkür edərlər və tarixin səhifələri onun tərifi və vəsfi ilə dolar. Lakin sizin sədr-əzəm cənabları mənə qarşı kəmiltifat olması üzündən, bu cür ümumi bir mənfəətə ona görə göz yumub ki, köhnə əlifbanı dəyişdirmək fikri mənim tərəfimdən ortalığa atılmışdır. O, elə güman edir ki, bunsuz onun gördüyü cürbəcür və müxtəlif başqa tədbirlər dövlət və millətə bir səmərə verəcək və bəhrə göstərəcəkdir. Lakin o, bilməlidir ki, yeni əlifba tətbiq edilməzsə, maarif yayılmazsa, onun gördüyü bütün tədbirlər uzaqdan su kimi görünən səraba oxşayar. Mətləb daha aydın olsun deyə, sizin üçün bir müqəddimə fikirləşib yazıram. Bu da ona görədir ki, qəm-qüssənin çoxluğundan ölüm arzulayıramsa da, mənə qismət olmur. Odur ki, bir neçə saatlığa qəm və qüssəni unutmaq xatirinə özümə bir məşğələ axtarıram. Çünki məhərrəm ayının 17-də Xanbaba xanın arvadı olan qızım Seyrəbəyim sizə məlum olan xəstəlik nəticəsində ölmüşdür. Ondan iki uşaq qalmışdır ki, biri 4 yaşında qızdır, ikincisi 3 yaşında oğlan. Daha nə vəziyyətdə olduğumu soruşmayın! Müqəddimə İran viran olmuşdur. S u a l – Nəyə görə? C a v a b – Ona görə ki, camaatı yoxsul və fəqirdir? S u a l – Nə üçün İran camaatı yoxsul və fəqirdir? C a v a b – Ona görə ki, əkinçilik, ticarət, maldarlıq, fəhləlik və bu kimi peşələrin qayda-qanunlarından xəbərsizdirlər. S u a l – İran əhalisinin əkinçilik, ticarət, maldarlıq və kəsbkarlıqdan xəbərsiz olmasının səbəbi nədir? C a v a b – Ona görə ki, məişət və güzəran haqqında İran xalqının əlində kitab yoxdur. S u a l – Məişət və güzərana dair İran xalqının əlində kitabların olmamasının səbəbi nədir? C a v a b – Ona görə ki, İranda heç kəs bu cür kitabları yazmaq və ya tərcümə etmək istəmir. S u a l – Nəyə görə heç kəs bu kimi kitabları yazmaq və tərcümə etmək istəmir? C a v a b – Ona görə ki, İranda heç kəs bu cür kitabları sevmir və onların müəllifi və ya mütərcimlərinin zəhmətini qiymətləndirmir. S u a l – Nə üçün heç kəs onları almır? Cavab – Ona görə ki, kitabları oxuya bilmir. S u a l – Nə üçün onları heç kəs oxuya bilmir? C a v a b – Ona görə ki, mində bir nəfər müstəsna olmaq şərtilə, bütün İran camaatı savadsızdır. S u a l – Nəyə görə İran camaatı savadsızdır? C a v a b – Ona görə ki, savadlanmaq çox çətin bir işdir. S u a l – Savadlanmağın çətinliyinin səbəbi nədir? C a v a b – Ona görə ki, savadsızlığın ləğvinin vasitəsi olan əlifba çox çətindir. S u a l – Savadsızlığı ləğvin vasitəsi olan əlifbanın çətinliyinin səbəbi nədir? C a v a b – Ona görə ki, bu əlifbanın samit hərfləri sözlərin tərkibində biri digərinə bitişir və biri-birindən nöqtələrlə seçilir; digər tərəfdən isə sait hərflər sözlərin tərkibində yazılmır, ancaq ifadə olunur. S u a l – Bəs İranı abadlaşdırmaq üçün nə etmək lazımdır? C a v a b – Bunun üçün İran camaatı behişt misli olan yer üzündə cəlal sahibi olan Allahın onlar üçün yaratdığı bütün nemətlərdən faydalanıb, sərvət və dövlət sahibi olmalıdırlar. S u a l – Təbiətin və Allahın bəxş etdiyi nemətlərdən İran xalqının faydalanması üçün nə etmək lazımdır? Ç a v a b – Onun üçün İran camaatı istər şəhərli, istər kəndli, istər elat olsun, istisnasız, qadınlı-kişili, Prussiya ölkəsinin əhalisi kimi, başdan-başa savadlı olmalı, təbiətin sirlərini öyrənməli və Allahın nemətlərindən istifadə etmək üçün elmin gücü və qüdrətinə arxalanmalıdır. S u a l – Bütün İran camaatının, qadınlı-kişili, savadlanması üçün nə etmək lazımdır? C a v a b – Köhnə əlifbanı dəyişdirmək və yeni əlifbanı tətbiq etmək lazımdır ki, savadlanmaq hər kəsə mümkün olsun. Prussiya dövlətinin etdiyi kimi, camaatı məcbur etmək lazım gəlir ki, hər yerdə məktəblər açsınlar və bütün uşaqlar 9 yaşından 15 yaşına qədər oxuyub-yazmağı öyrənməkdən başqa, heç bir işlə məşğul olmasınlar. S u a l – Yeni əlifbanı nə cür yaratmaq lazımdır? C a v a b – Samit hərflərin hamısı bitişməz olmalıdır; sait hərflər, yəni erab hamısı samit hərflərin sırasına daxil edilməli, hərflərdə olan bütün nöqtələr atılmalı və Avropa xalqlarının əlifbası kimi yazmaq və oxumaq soldan-sağa tətbiq edilməlidir. S u a l – Bəlkə bu iş, yəni belə bir əlifbanın yaradılması şəriətə zərər yetirdi? C a v a b – Birincisi, belə bir iş heç bir vəchlə şəriətə zidd deyildir. İkincisi, tutaq ki, bu iş şəriətə müxalifdir, lakin xalqın xeyrinə olduğu üçün bu işdə bir hiyleyi-şəri düşünüb tətbiq etmək lazımdır. Məlumdur ki, müqəddəs şəriət sələmi də haram etmişdir. Lakin din alimləri görmüşlər ki, heç kəs şəxsi xeyri olmadan, yəni sələmsiz, Allah xatirinə, heç kəsə borc vermir və hər kəs ki, başqasından Allah xatirinə borc istəyir, cavabında deyirlər ki: “Sadığın yanına get!”. Beləliklə də dünyanın işi pozulur. Buna görə də labüd və çarəsiz qalaraq, bir hiyleyi-şəri düşünmüşlər ki, pul sahibi öz pulunu borc verərkən qazanc və mənfəətdən məhrum olmasın. Məsələn, bir şəxs başqa bir şəxsə bir il müddətinə min tümən borc verir. Ondan sonra bir dənə almanı və ya başqa bir qiymətsiz şeyi əlində tutaraq, şəriət hakiminin məsləhəti ilə borclu olan adama müraciət edərək deyir: “Bu almanı pulunu bir il sonra almaq şərtilə sənə 200 tümənə satıram. Sən bilə-bilə və anlaya-anlaya bunu məndən almaq istəyirsənmi ki, vədə başında 200 tüməni mənə verəsən?” Borc alan şəxs də bunu qəbul edir, şəriət hakimi isə onların arasında əmələ gələn saziş haqqında siğə oxuyur. Bundan sonra isə borc alan şəxs, borc verən şəxsə 1200 tümənin sənədini təqdim edir. Belə bir hiyleyi-şəri Allah öz Quranında buyurmuşdurmu? Şəriəti tətbiq edən şəxs onu öz hədislərində xəbər vermişdirmi? Əlbəttə, xeyr! Elə isə məlum olur ki, lazım gələrsə, müxtəlif hiyleyişəri vasitəsilə şəriətin bəzi hökmlərindən kənara çıxmaq mümkündür. Əgər dövlət xadimləri əsrin padşahına havadar çıxmaq məqsədilə bir etiraz edərək desələr ki: “Maarifin yayılması mütləqiyyət hökumətinin mötədil hökumətlə əvəz edilməsinə səbəb olar”, onlara bu cavabı vermək olar ki: “Maarif yayılmazsa, müstəqil şahların sülaləsi tamamilə məhv olmaq təhlükəsi qarşısında qalacaqdır. Yəni savadsız bir ölkədə bir müstəqil padşahın yerinə başqa sülalədən olan müstəqil padşahın meydana çıxması daha artıq mümkün və ehtimala yaxındır. Bütün dünya tarixi bu xüsusda sübutlarla doludur. Belə isə elm və maarifin yayılmasına mane olan dövlət adamları özləri istəmədən və bilmədən onların güzəranını təmin edən hazırkı əsrin müstəqil padşahının devrilməsi üçün şərait yaradırlar. Lakin əgər elm və maarif yayılarsa, hazırkı şahların müstəbid səltənəti mötədil səltənətlə əvəz edilərsə də, əsrin padşahlığının sülaləsinin zavala uğraması təsəvvürə belə gəlməz. S u a l – Belə isə, Mirzə Fətəli, sənin induksiya və deduksiyana görə biz yeni əlifbanın tətbiqi nəticəsində tələf olan köhnə kitablarımızın yüz kürur tümənə yaxın qiymətindən əl çəkib, zərərə düşməliyikmi? Cavab – Əli xan, sən istəyirsənmi ki, yüz kürur tümən xatirinə biz və bizim gələcək nəsillər bu gündən qiyamətə qədər min kürur il müddətində əbədi bədbəxtlik və cəhalət içində qalaq? Bir də belə deyirlər ki, sədr-əzəm cənabları əlahəzrət padşahı Avropa səfərinə aparır. Bu xüsusda da bir neçə kəlmə yazmaq istəyirəm. Şah əlahəzrətləri Peterburqu, Berlini, Venanı, Parisi, Londonu və İstanbulu görüb başa düşəcəklər ki, dünya başqa dünyadır, vəziyyət isə başqa cürədir. Ona görə də şübhəsiz, hər bir məsələdə avropalıların təcrübəsini tətbiq etməyi xahiş edəcəkdir. Avropalıların təcrübəsi isə cürbəcür və müxtəlif elmlərin və sənətlərin yayılmasının nəticəsidir. S u a l – Avropalıların təcrübəsi hansı adamların, hansı elm sahiblərinin, hansı sənətkarların və hansı sərvət sahiblərinin köməyi ilə tətbiq olunacaqdır? Məgər İstanbul sultanı və Misir xədivi avropalıların üslubundan xəbərsizdirlər? Məgər onu öyrənmək istəmirlər? Bu müddət ərzində onlar nə etmişlər? Hey çalışıb-çapalayırlar, hey yaxalarını yırtırlar, lakin ortalıqda heç bir nəticə yoxdur. Bu gün onların məmləkətində müşahidə olunan az-çox mədəniyyət əsəri yenə də islam şahlarının xidmətində olan avropalıların köməyi ilə yaranmışdır. Osmanlı xalqının özünə gəlincə, iraq olsun, bütün islam xalqları kimi, o da hər cür elm, maarif və tərbiyədən məhrumdur. S u a l – Bəlkə islam xalqlarının fitri qabiliyyəti yoxdur? C a v a b – Xeyr! İslam xalqları fitri qabiliyyət nöqteyi-nəzərindən bütün Avropa xalqlarından üstün olmasalar da, əskik deyildirlər. Onların mədəniyyət aləmində geridə qalmasının səbəbi ancaq elmləri və sənətləri öyrənmək vasitəsinin yoxluğudur. Məsələn, islam əlifbası ilə yerlərin və ölkələrin adını düzgün yazmaq və oxumaq mümkün deyildirsə, coğrafiya elmini nə cür öyrənmək olar? “Cami-Cəm” kitabını oxuyub filan yerin adını düzgün söyləyə bilən bir adam harada tapa bilərsiniz? Biz tibb, fizika, riyaziyyat, məişət elmi və başqa bu kimi elmləri və sənətləri necə öyrənə bilərik? Bir halda ki, belə elmlər əvvəllərdə bizim aramızda məmul olmamışdır, bizim əlifba ilə avropalıların işlətdikləri yeni istilahları oxumaq çətindir. Bizim işlətdiyimiz üç dildən birində olan kitablarda bu elmi istilahlar yoxdur, biz isə bu kitabları Avropa dillərindən ərəb, fars və ya türk dilinə tərcümə edərkən, bu istilahları olduğu kimi saxlamağa məcburuq. Belə olduqda, bizim əlifbamızla bu istilahları necə düzgün yazıb oxuya bilərik? Nəhayət, biz öz dilimizdə bu məsələlərə dair necə əsərlər yaza bilərik? Bütün bizim gəncliyimiz ancaq savad öyrənməyə sərf olunur. Bir halda ki, biz ərəb dilini iyirmi ildə və fars dilini on ildə mükəmməl öyrənə bilmirik, ərəb dilini öyrənmək işində tələbələrimiz nə qədər əziyyət çəkirlər və cavanlıq illərini təhsil işində sonsuz zəhmətlərə qatlaşaraq keçirirlər, təhsildən qayıtdıqdan sonra isə qocalıb ruhdan düşür və heç bir şey bilmədən, ömürləri hədərə gedir. Bir halda ki, onların öyrəndikləri elmin ancaq dini əməllərə və məsələlərə az-çox dəxli vardır, bizim dünya işlərində zərrə qədər mənfəəti yoxdur. Onların biliyi isə təkcə axirət işləri üçün yarayır. Lakin bütün bu sözlərdən sonra insafı itirməmək lazımdır. Şah əlahəzrətlərinin Avropaya getməsi yaxşı bir fikirdir. Əgər o, öz vəliəhdini də apararsa, daha yaxşı iş görmüş olar. Avropa səfəri sizin sədr-əzəm cənablarının çox gözəl təşəbbüsüdür: “Şərabın bütün eyiblərini dedin, hünərini də de!” Sizin sədr-əzəm cənablarından qəlbən nə qədər uzaq olduğumu bilirsiniz. Lakin şəxsiqərəzlik üzündən haqqı inkar etmək kişilikdən deyildir. Həqiqətdə, biliyi, tədbiri, fikirlərinin sağlamlığı, zehninin itiliyi, görüşlərinin incəliyi, uzaqgörənliyi, xalqsevərliyi, dövlətə pərəstişi, işgüzarlığı və çalışqanlığı ilə bərabər, dünya və zəmanənin vəziyyətinə dair geniş məlumatı nöqteyi-nəzərindən İran ölkəsində hicrətdən indiyə qədər sizin sədr-əzəm kimi bir nazir hələ iş başına gəlməmişdir. Onun paxıllığını çəkənlər heç birisi, insafla desək, onun tayı və bərabəri ola bilməzlər. Onun gördüyü tədbirlərin hamısının faydasız olduğunu söyləmək olmaz. Onun aclara ianə toplayan cəmiyyəti yaratmaq, rüşvətxorluğu aradan qaldırmaq və başqa bu kimi işlərinin və fikirlərinin faydasını necə inkar etmək olar? Bizim sözümüz orasındadır ki, onun çəkdiyi bütün bu zəhmətlərin nəticəsi müvəqqətidir və özündən sonra unudulub gedəcəkdir. Lakin əgər o, bütün bu tədbirlərlə yanaşı, maarifin yayılmasına da çalışaraq elm və tərbiyə işlərini asanlaşdırarsa, öz ardınca gedən bir çox liberal adamlar hazırlayacaqdır ki, onlar onun İran torpağında saldığı toxumları göyərdəcək və onun fikirlərini əbədiləşdirəcəklər. Bu o deməkdir ki, onun gördüyü işlər mədəniyyətin başlanğıcıdır. Onların davamı və sona çatdırılması üçün liberallar yetişdirmək lazım gəlir ki, böyük işlərin əsasını qoyanlar kimi, onun da adı dünya yaşadıqca yaşasın. Sizə ixlası olan Mirzə Fətəli 1288-ci il hicri, 1872-ci il miladi * * * Mirzə Melkum xana Ruhi-rəvanım Ruhül-qüds – Melkum xan! Mirzə Nəbi xanın oğlu sədarət məqamına çatdıqdan sonra bütün tehranlı dostlar məni unutmuşlar və mənim məktublarıma əsla cavab vermirlər. Mənimlə dostluq və tanışlıq əlaqəsini kəsmişlər. Oktyabr ayında yazdığım məktuba sizdən hələ cavab almamışamsa da, lakin onun məzmununa müvafiq olaraq Hacı Şeyx Möhsüm xanın qardaşı Məhəmmədağa, Şarl Missmerin mərhum Ali paşaya yazmış olduğu fransızca məktubu sizin tərəfinizdən mənə vermişdir. Əlifba məsələsinə dair fransız dilində qəzetlərdə yazılmış müfəssəl yazıları, habelə Bombey sakini ingilisin və italiyalı filosofun yazılarını təcili göndəriniz! Həqiqətdə sizin təfəkkürünüzün məhsulu olan Şarl Missmerin məktubu mənə yetişərkən, həmin gün oğlum Rəşidə tapşırdım ki, onu rus dilinə tərcümə etsin. Rusca tərcüməsi çox gözəl və düzgün çıxdı. Çünki rus dilində mətləbin əslini ifadə etmək üçün kəlmələrin tapılmasında çətinlik üz vermədi. Sonra rusca mətnin üzərində özüm məktubun farsca tərcüməsinə başladım. Lakin fars dilində tərcüməsi mənim istədiyim kimi olmadı, çünki bir çox kəlmələrin qarşılığını tapa bilmədim. Buna baxmayaraq, cənab Şeyxülislam məktubun məzmununa valeh oldu və həmin saat üzünü köçürtdü. Əgər Tiflisə güzarınız düşsə, özünüz bu tərcüməni təshih edib, sonra Tehrana getməlisiniz. Deyirlər ki, sizi Tehrana çağırmışlar. Bilmirəm, gedəcəksiniz, ya yox? Əgər öz əlifbanızı həyata keçirmək ümidiniz varsa, gediniz! Yoxsa, nə vardır? Məgər siz ləqəb və mənsəb almağa və ya təşəxxüs satmağa gedirsiniz? Eh, bir qara pula dəyməz! Oxuyub-yazmaq vasitəsini dəyişməzdən əvvəl qanun və nəzmünizam qoymaq üçün gedirsiniz? Halbuki, Şarl Missmer deyir ki, əlifbanı islah edib dəyişməzdən əvvəl qayda-qanun və nəzmü-nizam qoymaq haqqında edilən hər cür təşəbbüs yersizdir. Şarl Missmerin kəlamı belə deyir: “İslam xalqlarının səy və təlaşının səmərəsizliyi yalnız onlarda mənəvi və fikri tərəqqinin zahiri və əməli tərəqqiyə müqəddəm olmamasından irəli gəlmişdir. Yəni avropalıların theorie adlandırdıqları nəzəri inkişaf, əməli, yəni practique tərəqqiyə üstün tutulmamışdır”. Lakin bunun əksinə olaraq, Mirzə Nəbi xanın savadsız oğlu bu gün Tehranda bir sıra tədbirlər görür. Nəticəsini görəcəyik! Vallah, mənim nəzərimdə o, ləyaqət nöqteyi-nəzərindən “Rəfiq və Vəzir” kitabçasında təsvir edilən vəzirdən heç də üstün deyildir! Təsadüfən sədr-əzəm vəzifəsinə çatmışdır. Fərq ancaq orasındadır ki, o, bəzi şeyləri tutuquşu kimi sizdən və başqalarından öyrənmişdir. Lakin özü despotun nökəri və xudpəsənd bir adamıdır. Tehrana getmək haqqında özünüz öz məsləhətinizi daha yaxşı bilirsiniz. Mən bu işə müdaxilə etmirəm. Bəlkə, mən getməyinizi istəyirəm ki, mənə də yaxın olasınız. Hər halda, əgər getməli olsanız, bəzi mülahizələrə görə ehtiyatən Osmanlı dövlətinin təbəəliyini hələlik saxlayın! Görək, vəziyyət necə olur. Çünki mən hələ indidən anlaya bilmirəm ki, Mirzə Nəbi xanın oğlu səni nə üçün Tehrana çağırır. Onun məqsədi dostluq və xeyirxahlıqdır, ya xeyr? O, səni İrana bir iş görmək və xeyir vermək üçünmü çağırır, yainki sənin kimi hünər və qələm, dil və istedad sahibinin xarici ölkədə olmasını istəməyib, səni oradan uzaqlaşdırmaq, qələmini qırmaq və dilini bağlamaq istəyir... Şarl Missmerin rus dilinə tərcümə edilmiş məktubu, sizə məlum olan bəzi sözləri atılmaq şərtilə, bu yaxınlarda “Kavkaz” qəzetində çap ediləcəkdir. Bu tərcüməni bəzi sözləri çıxmaq şərtilə, rus alimlərindən bir neçəsinə göstərmişəm. Çox bəyənmişlər. Əgər göndərilməsini xahiş etdiyim fransızca yazılardan bəziləri xoşuma gələrsə, dərhal rus dilinə tərcümə edib çap etdirəcəyəm. Mən artıq osmanlılardan ümidimi kəsmişəm və onları hətta məzəmmət belə etmirəm. Mətləbi çox yaxşı anlayıb bildilər ki, yeni əlifba tətbiq edilib elm və mədəniyyət yayıldıqdan sonra onların despot hökuməti və dinləri əldən gedəcəkdir. Məgər siz bu həqiqəti inkar edirsiniz? Məlumdur ki, elm və mədəniyyət geniş yayıldıqdan sonra despotizm, fanatizm və supermatsion (ölülərin ruhuna pərəstiş) artıq yaşaya bilməz. Bizim bütün səylərimizin faydası ancaq xalqa aiddir. Biz istəyirik ki, Osmanlı xalqı bizim səyimizlə xoşbəxt və səadətli bir xalq olsun. Lakin bizim bu arzumuz Osmanlı nazirlərinin şəxsi zərərinədir. Biz ümumun mənfəətini istəyirik, onlar isə şəxsi mənfəətlərini güdürlər. Doğrudur, bizim fikrimiz həyata keçirilərsə, vəziyyət daha yaxşı olacaqdır, despot hakimiyyəti əvəzinə mötədil və azadlıq hakimiyyəti qurulacaqdır, hünərsizlərin bazarı kasad olacaqdır, hər kəs öz bacarığı və biliyinə görə vəzifə sahibi olacaqdır. Lakin hazırda Osmanlı dövlətinin başçıları olan elmsiz və hünərsiz adamlar buna müxalifdirlər. Onların səfehliyi o dərəcəyə çatmışdır ki, bu incə sirri başa düşməyib, hazırkı hakimiyyətin zavalını və dinin aradan getməsini əlifbanın dəyişilməsi nəticəsində əmələ gələ biləcək xalq üsyanlarında görə bilirlər. Halbuki əlifbanın dəyişilməsi ilə əlaqədar olaraq, heç bir üsyanın baş verəcəyi təsəvvürə belə gəlmir. Şarl Missmerin məktubunun fars dilində tərcüməsini çap etdirib və Qafqazın müsəlmanlar yaşayan bütün vilayətlərində yayıb, bütün savadlı müsəlmanlardan bu məktub barədə cavab almaq istəyirəm. Görək nə yazacaqlar. Nə edim, rahat otura bilmirəm?! Siz də “Kəmalüddövlə”ni çap etmək haqqında bir tədbir görün! Əgər sizin hörmətli atanız İstanbuldadırsa, məndən ona dostluq salamı yetirin! O, gənclikdə məni görmüşdür və Hafizin divanının bir nüsxəsini mənə bağışlamışdır. Bilmirəm o, bunu unutmuşdur, ya yox? Lakin onun bağışladığı kitab indiyə qədər əlimdədir, hər zaman oxuduqda onu xatırlayıram. Sizin adınıza Mirzə Yusif xandan bir məktub gəlmişdi, həmin zərfin içində onu sizə göndərirəm. Qardaşınız Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı. 8 mart 1872-ci il * * * Mirzə Melkum xana 1872-ci il mart ayının 29-da Ruhül-qüdsə yazılmış başqa bir məktubun surəti Ruhi-rəvanım, Ruhül-qüds! Bu nə xətdir ki, mülahizə üçün mənə göndərmişsiniz? Məqsədinizi anlamıram və bilmirəm qərəziniz nədir? Bu, həmin xətt, həmin şəkillərdir ki, bizim varımızdır. Yəni özümüzün dörd cür hürufat şəklindən biridir ki, zəhləm onların üzündən gedir! Barı, kağız da yazmamısınız ki, bu müqəddimənin dalınca nə fikirdə olduğunuzu aydın bilək. Hər halda, mən öz fikrimi sizə deyirəm, qulaq asın! Cənab Ruhül-qüds! İstanbulda bir dostum var ki, onu canımdan əziz tuturam, adı Melkum xandır. Həmin Melkum xan bir neçə müddət bundan qabaq, Hacı Şeyx Möhsün xanın qardaşı Məhəmmədağanın vasitəsilə Şarl Missmer adlı bir nəfər fransız aliminin bütün yer üzü xalqlarının əlifbaları barədə fikir və tədqiqatının nəticəsi olan bir şərhi mənə göndərmişdir. Həmin alim xətləri üç qismə bölmüşdür: heroqlif, sillabi və alfabeti. Heroqlif çinlilərin yazısıdır. Silla bi bizim xəqtimizdir ki, sağdan-sola yazılır. Alfabeti avropalıların xəttidir ki, soldan-sağa yazılır. Həmin fransız alimi bu üç növ əlifba haqqında danışarkən, çox düzgün və qəti dəlillərlə alfabeti əlifbanın heroqlif və sillabi əlifbalardan üstünlüyünü sübut edir. Afərin belə alimə! Hazırda mən bu alimin sözünü hər cəhətdən təsdiq edirəm və onun fikrini hər cəhətdən üstün tuturam. Soldan-sağa yazılıb-oxunan sözlərin tərkibində bütün sait hərfləri samitlər sırasına daxil olan və bütün nöqtələri atılmış olan alfabeti əlifbadan başqa, heç bir xəttin hərflərini qəbul etmirəm və heç vaxt da qəbul etməyəcəyəm. Əgər islam xalqları alfabeti xətti Şarl Missmerin söylədiyi tərzdə və keçmişdə Melkum xanın tərtib edib, mənim mülahizəmə göndərdiyi şəkillər əsasında qəbul edərlərsə, məqsəd əldə edilə bilər. Əgər belə olmazsa, qoy, qiyamətin gününə qədər özlərinin köhnə sillabi əlifbası ilə birlikdə sırf cəhalət girdabında qalsınlar. Vəssalam, nəğmə tamam! Cənab Ruhül-qüds! Olmaya, siz Melkum xanı tanımırsınız və Şarl Missmer əhvalatını bilmirsiniz? Yoxsa siz alfabeti yazını görməmişsiniz? Elə isə, xahiş edirəm Şarl Missmerin şərhini oxuyasınız! Cənab Ruhül-qüds! Zarafatı bir yana qoyaq! Nə üçün əvvəlki əqidənizdən əl çəkirsiniz? Nə üçün millətimizin müxalifətindən qorxursunuz və çalışırsınız ki, min cür fənn və hiylə ilə müasirlərimizin təbiətinə nüfuz edəsiniz? Bəlkə də, bu fənn və hiylədən məqsədiniz soldan-sağa yazılıb-oxunan və keçmişdə hərflərinin çox gözəl və səliqəli şəkillərini düzəldib, nəzərdən keçirmək üçün mənə göndərdiyiniz alfabeti əlifbanı müxtəlif tədbirlər vasitəsilə yavaş-yavaş millətin boynuna bağlamaqdır? Əgər belədirsə, mən sizin məqsədinizə qol çəkirəm. Əgər elə bir fikriniz var ki, axmaqların və korların xatirinə, anlamazlara yaltaqlanmaq üçün yenə də sillabi xətti saxlayasınız, işin əvvəlində bəzi yersiz vahimələr üzündən mənim etdiyim kimi, bir sıra islahatla sillabi xətti mühafizə edəsiniz, o zaman mən sizin fikrinizə şərik deyiləm! İxtiyar sahibisiniz, nə istəyirsiniz edin! Yaxşı ki, mənim ilk təşəbbüsüm nəticəsiz qaldı. İndi çox şadam ki, o xətti qəbul etmədilər. Mən də Şarl Missmerin şərhinin farsca tərcüməsini nəşr etdirəcək və onun fikrini müdafiəyə çalışacağam. Yəqinimdir ki, müasirlərimiz bununla razılaşmasalar da, şübhəsiz ki, xələflərimiz bu fikri təsdiq edəcək və məndən sonra onu sözdən əmələ keçirəcəkdirlər. Vəssalam. Cənab Ruhül-qüds! Deyirlər ki, sizi İrana dəvət ediblər. Deyirlər ki, siz yaxın günlərdə Tiflis yolu ilə keçib İrana gedəcəksiniz. Əgər Tiflisdə başqa mənzildə düşməyi nəzərdə tutmamışsınızsa və əgər buradan keçib gedərkən mənim evimdə mənzil etsəniz, son dərəcə sevincimə səbəb olarsınız. Sizin kimi əziz və qiymətli bir qonağa hər cür hörmət və qonaqpərvərlik qaydalarını yerinə yetirmək mənim tərəfimdən layiqincə icra olunacaqdır. 1872-ci il, mart ayının 29-da Tiflisdə, qar- daşınız kolonel Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı. * * * Əli xana İranın sabiq konsulu Əli xana Tiflisdən Tehrana yola düşdüyü zaman yazılmış məktubun surəti Mənim əzəmətli ağam, səadətiniz daimi olsun! Dünən Rəsul mənə yazmışdır ki, təzə konsul gəlmiş və cənabınız yola düşmək fikrindəsiniz. Vəba naxoşluğunun qorxusundan şəhərə gəlməyə və cənabınızla görüşməyə cəsarət etmirəm. Buna görə də həmin məktubumla bu xüsusda sizdən üzr istəməyimi özümə vacib bir iş hesab edirəm. Üç ya dörd ildir ki, sizinlə bir yerdə olub, söhbətlərinizdən ləzzət aparırdım, duz-çörəyinizi yeyərək, əvvəllərdə heç kəsdən görmədiyim hörməti sizdən gördüm. Doğrudur, mən sizdən qabaq sizin vəzifənizdə çalışan şəxslər haqqında da dostluq qaydalarına riayət edib, bir dəqiqə də olsun köməyimi onlardan əsirgəməzdim. Mən sizin böyük qonaqlıqlarınızda və bayramlarınızda həmişə iştirak edirdim. Halbuki sizdən qabaqkı konsulların bəziləri ilə çox yaxın dost olmağıma baxmayaraq, onlar belə bir mehribanlığı həmişə məndən əsirgəyirdilər. Bu qədər cavanmərdlik, paktiynətlik, xoşsifətlik və dostluq müqabilində qəlbən sizə təşəkkür edib, sizinlə ayrılıram. Nə qədər ki sağam, sizin adınızı həmişə yaxşılıqla yad edəcəyəm. Mənə halal edin! Sağ və səlamət gedin və məqsədinizə çatın! Allah sizi ömür və səadətdən sarı muradınıza çatdırsın! Sonsuz dərəcədə üzr istəyirəm ki, mənim təbiətimdən irəli gələn bəzi səbəblərə görə məlumunuz olan əsəri sizə göstərib, özümü sizə tanıtdıra bilmədim. Ancaq xahiş edirəm ki, fikrinizə başqa şey gəlməsin! Mən sizdən deyil, başqalarından qorxurdum. Sağlıq olsa, əgər siz London şəhərinə və xarici ölkələrdən bir başqasına qulluğa təyin edilsəniz, şübhəsiz ki, o əsərin üzünü köçürtdürüb, rus poçtu vasitəsilə mütləq xidmətinizə göndərəcəyəm. Əlifba haqqında Tehrandan cavab gəlməməsinə dair cənabınıza başağrısı vermək istəmirəm. Çünki mən bu arzudan tamamilə əl çəkmişəm. Lakin Mirzə Melkum xanın əlifbanı dəyişdirmək haqqında yazdığı kitabçanı Tehranda maarif nazirinə, xarici işlər nazirinə və başqa dövlət başçılarına oxumağınızı xahiş edirəm. Osmanlı dövlətinin sədr-əzəminin bu xüsusda yazdığı cavabı Melkum xanın mənim adıma yazdığı məktubdan şəxsən oxuyub xəbərdar olarsınız. Bu cavabı da İranın dövlət başçılarına söyləyin ki, onlar bu məsələ haqqında səhv etdiklərini anlasınlar. Sizin tanıdığınız mənim düşmənimə gəlincə, bilirsiniz ki, o, şəxsiqərəzlik və fitri xəbisliyi üzündən haqsız olaraq məni din və dövlətin düşməni adlandırır. Mən din və dövlətin düşməni deyiləm. Mən xalqı sevən, canımı bu yolda qurban verməyə hazır olan bir insanam. Bəlkə də mənim bu əndazədə vətənpərvərliyimdən dinə qarşı düşmənçilik mənası çıxarmaq olar. Lakin bu məna mənim düşmənlərimin düşündüyü qədər dərin deyildir. Siz bilirsiniz ki, mən müsəlmançılıqda nə qədər möhkəm və inamlıyam. Mən heç bir dini dünyada islam dinindən üstün bilmirəm. “Kaf-ha-ya-əyn-sad” surəsini Hacı Əbülfəzlin hüzurunda sizin üçün mən şərh etdim. Siz ki, məni yaxşı dinlədiniz. Mən öz uşaqlarımı və xələflərimi də bu əqidədə tərbiyə edirəm. Onlar da mənim əqidəmdə olacaqdırlar. Məqsədim islam dinini rədd etmək deyildir. Belə bir bəd əməldən Allaha pənah aparıram. Mənim məqsədim islam xalqlarını sarsıdan cəhaləti aradan qaldırmaq, elmləri, sənətləri inkişaf etdirmək, xalqlarımızın azadlığı, rifahı və sərvətinin artması üçün, vətənin abadlaşdırılması üçün və islamiyyətdən əvvəl babalarımızın malik olduğu şən və şöhrətin bərpa edilməsi üçün ədalətə rəvac verməkdir. Bu yolda atacağımız birinci addım köhnə islam əlifbasını dəyişdirməkdir. Təəssüf ki, Mirzə Melkum xanın yazdığı və sizin özünüzün oxuduğunuz kimi müasirlərim mənim sözlərimi anlaya bilmirlər. Öz xəttimlə yazmış olduğum bu məktubumu cırıb tələf etməyin! Sandıqçanızda saxlayın, mən öldükdən sonra məktub sizin əlinizdə əntiqə bir yadigar olacaqdır. Ömrümdən bir şey qalmamışdır. Müasirlərimin qanacaqsızlığından təngə gəlmişəm və taqətdən düşmüşəm. Allah sizi hifz etsin! Rəştdə Mirzə Əbdülvahab xan cənablarına məndən çoxlu salam yetirin! Onunla görüşməkdən aldığım zövq və ləzzəti hələ də unutmamışam və heç bir zaman unutmayacağam. Sizin həqiqi dostunuz və sizə ixlası olan kolonel Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı. 1872-ci il, 22 sentyabr. Qocur yaylağında * * * Nikolaiyə Keçmişdə Rəşt şəhərində böyük Fransa dövlətinin baş konsulu olub, fars dilini yaxşı bilən müsyö Nikolaiyə yazılmış məktubun surəti 1872-ci il dekabrın 6-da Tiflisdən Əziz ağam, səadətin daimi olsun! Sizin kəmalınızın vəsfini çox adamdan eşitmişəm. Xüsusilə bu yaxın zamanda başqa yazılarımda Ruhül-qüds adlandırdığım cənab Nazimülmülk Mirzə Melkum xan sizin fəzilətlərinizi mənə sayaraq, necə ki, lazımdır, sizi mənə tanıtdırdı. Buna görədir ki, qiyabi olaraq sizinlə tanışlıq və dostluq etmək istəyirəm. İranın hazırkı vəziyyəti və islam dininin təsiri barədə hikmət və filosofluq üsulunda yazmış olduğum “Kəmalüddövlə” əsərimi də sizə göndərməyi arzu edirəm. İstəyirəm ki, onu Fransada çap etdirmək və bütün Avropa dillərinə tərcümə etdirməyin hüquqlarını tamamilə sizə verib, kitabı yaymaq və satmaq yolu ilə əldə ediləcək qazancı da bütünlüklə sizə həvalə edim. Mən özüm bu əsəri əhalisi müsəlman olan Şərq ölkələrinin heç bir yerində çap etdirmək işində azad deyiləm. Avropada çap etdirmək üçün isə lazımi imkan və vəsaitim yoxdur. Sizə bildirirəm ki, bu əsər Avropa müəlliflərinin əsərləri üslubunda yazılmışdır, onu ancaq Avropada çap etdirmək mümkündür. Şərqin islam ölkələrində bu əsəri yaymağı isə ancaq Avropa alimləri və mütəfəkkirlərinin əli ilə icra etmək olar. Mən kitabın həm orijinalda, həm də tərcümədə satılmasından əldə ediləcək qazancı tamamilə və həm də könüllülük və razılıq hissi ilə sizə bağışlayıram. Əgər siz özünüz o qazancdan bir hissəsini mənə verməyi lazım bilsəniz, əlbəttə, o, sizin şəxsi nəcabətinizə bağlıdır. Mən o hissənin miqdarını sizin öz insafınıza qoyuram. Bu barədə bir söz demirəm və sizinlə heç bir şərt bağlamıram. Mənim əsas məqsədim bu əsəri həm farsca, həm fransızca, həm də başqa Avropa dillərində çap etdirməkdən ibarətdir. Mən özüm rus dilindən başqa Avropa dillərindən heç birisini bilmirəm. Mənim yeganə arzum budur ki, həmin əsər Avropa dillərinə tərcümə edilsin, tərcümələr də heç bir dəyişikliyə və təhrifə yol verilmədən əslində yazıldığı üslubda çap edilsin. Əgər mənim təklifim sizin ürəyinizcə olarsa, tezliklə mənə cavab yazın və bildirin ki, əsəri nə vasitə ilə və kim ilə sizə göndərə bilərəm. İcazə verin, əsəri əvvəlcə sizə göndərim, oxuyun, əgər onu bəyənsəniz, mənim təkliflərimi yerinə yetirməyə başlayarsınız. Əks təqdirdə, mənim sizə heç bir təklifim yoxdur. Əsərin orijinalında mənim adım çəkilməməlidir. Çünki mən hələ məqsədimi başa düşməyən öz həmdinlərimin mənə qarşı ədavətindən xatircəm deyiləm. Lakin tərcümələrdə adımı açıq-aydın yaza bilərsiniz. Əgər əsəri sizə göndərməli olsam, onunla birlikdə tərcümeyi-halımı da göndərə bilərəm. Bu tərcümeyi-haldan bilərsiniz ki, mən istər dram, istərsə də tənqid və başqa mövzularda yazılmış bir çox əsərlərin müəllifiyəm. Həmin tərcümeyi-halı əsərin tərcümələrinin əvvəlində çapa verə bilərsiniz. Öz adınızı, ləqəbinizi, vəzifənizi və Parisdə yaşadığınız yerin adresini mənə yazın. Tiflisdə Qafqaz canişini qrandukun mü- tərcimi kolonel Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı. 6 dekabr 1872-ci il. * * * “Həqayiq” qəzeti redaktoruna 1290-cı [1873] ildə Tiflisdən “Həqayiq” qəzeti redaktoruna Mənim əziz qardaşım, səadətiniz daimi olsun! 1280-ci ildə mən İstanbula gəlib, islam xalqlarının hazırkı əlifbasını dəyişdirmək haqqında öz fikrimi mərhum Sədr-əzəm Fuad paşa cənablarına söylədim. Onun əmrinə görə bu məsələni Osmanlı Cəmiyyətielmiyyəsində müzakirə etdilər. Lakin bəzi maneələr və çətinliklərə görə mənim fikrimə icazə verə bilmədilər. 4 ya 5 il bundan qabaq mən bu məsələni təzələyib, mərhum sədrəzəm Ali paşaya Tiflisdən başqa bir layihə göndərdim. Mənim fikrim bu dəfə də nəticəsiz qaldı. O tarixdən bu günə qədər bu məsələ tamamilə unudulmuşdur. İslam xalqlarının hazırkı əlifbasını dəyişdirməkdən məqsədim, elmləri və sənətləri öyrənmək vasitəsini asanlaşdırmaq idi ki, bütün islam xalqları istər şəhərli, istər kəndli, istər oturaq, istər köçəri olsun, qadınlıkişili, prus xalqı kimi savad öyrənməyə, elmlərə və sənətlərə yiyələnməyə imkan taparaq, tərəqqi yoluna qədəm qoyub, mədəniyyət aləmində yavaş-yavaş özünü avropalılara çatdırsın. Təəssüf ki, həmin fikrim baş tutmadı və islam xalqlarının başçıları tərəfindən öyrənilmədi. İslam xalqlarının başçıları işin əslindən xəbərsiz olub, ikinci dərəcəli işlərlə məşğuldurlar. Onlar ikinci dərəcəli məsələləri birinci dərəcəli məsələlərdən üstün tuturlar. Buna görə də bütün islam xalqları elmləri və sənətləri öyrənmək işində dünya durduqca Avropa əhalisindən geridə qalacaqlar. İndi heyfsilənmək artıq nəticə verməz. Mən bütün xalqın tərəqqisi və hamının maariflənməsindən gözümü çəkməyə məcbur olmuşam. İndi mən seçilmiş adamlara müraciət edirəm. Ona görə də sizdən soruşuram: Bu seçilmiş adamların özlərinin elm və mərifət sahibi olması lazımdır, ya yox? Yəni siz, islam xalqlarının heç olmazsa, seçilmiş adamlarının Avropa əhalisinin malik olduğu elm və sənətlərdən faydalanmasını lazım bilirsiniz, ya yox? Şübhə yoxdur ki, siz bu suala “xeyr” deyil, “bəli” cavabını verəcəksiniz. Sizdən “bəli” cavabı eşitdikdə, başqa bir sual ortaya çıxır: Siz bu seçilmiş adamların Avropa xalqlarının elm və sənətlərini hansı vasitə ilə öyrənməsini əlverişli hesab edirsiniz? Yəni onlar bu elmi Avropa dillərində öyrənməlidirlər, yaxud ərəb, türk və fars dillərindən ibarət olan öz dillərimizdə? Əgər seçilmiş adamlar Avropa elmlərini və sənətlərini Avropa dillərində öyrənməyə iqdam edərlərsə, işin çətinliyi bir yana qalsın, nəticəsi də faydasız olacaqdır. Ona görə ki, bizim seçilmiş adamlarımız fransız və ya ingilis dilində öz fikirlərini və biliklərini öz həmvətənlərinə başa salıb, anlada bilməyəcəklər. Buna görə də islam xalqları öz seçilmiş adamlarının malik olduğu elm və sənətlərdən faydalanmaq üçün həmişə fransızlara və ingilislərə möhtac olacaqdırlar. Onlar bu millətlərin nümayəndələrini öz vətənlərinə dəvət etməyə və başladıqları hər bir işə ancaq onların köməyi ilə əncam verməyə məcbur olacaqlar. Bundan başqa, belə bir vəziyyətin bir neçə daha ciddi və böyük çətinliyi və zərəri də vardır ki, onları söyləmək sizin fikrinizə və hümmətinizə həvalə olunur. Çünki siz qəzet redaktorusunuz. Belə isə, bu üsulun faydası azdır. Başqa və daha yaxşı üsul ondan ibarətdir ki, islam xalqları avropalıların akademiya adlandırdığı bir elm evi təsis edib, həmin elm evində ən görkəmli, alim və fazil adamlardan lazımi qədər üzvlər təyin etsinlər. Avropa elmləri və sənətlərinə dair bütün kitabları ərəb, türk və fars dillərinə tərcümə etməyi bu şəxslərin öhdəsinə qoysunlar. Belə olarsa, islam xalqlarının seçilmiş adamları bütün elmləri və sənətləri öz dillərində və görkəmli müəllimlərdən öyrənə bilərlər. Lakin bu üsulun da özünəməxsus başqa bir çatışmayan cəhəti vardır. Məsələn, Avropada məruf olmayan şəxs adları bir çox elmi istilahlar, yer və ölkə adları vardır ki, onları islam xalqlarının əsas dilləri olan üç dildən birinə tərcümə etmək çətindir, buna görə də onlar olduğu kimi saxlanılmalıdır. Xüsusilə təbabət, fizika, kimya və başqa bu kimi elmlərdə olan bir çox istilahlar vardır ki, islam dillərində onların qarşılığını tapmaq mümkün deyildir. Bundan başqa o kəlmələri və istilahları olduğu kimi yazmaq, hazırkı islam əlifbası üçün imkan xaricindədir. Yəni söylədiyim istilahları hazırkı əlifbamızda, hətta fəthə, kəsrə və zəmmə işarələrini işlətsək belə, səhvsiz, nöqsansız, düzgün oxumaq mümkün deyildir. Bütün bunları nəzərə alaraq, siz bu cür əcnəbi istilahların yazılıb oxunmasını asanlaşdırmaq üçün hazırkı islam əlifbamıza ayrıca və çox asan bir əlifba əlavə etməyi məsləhət görərsinizmi? Əlbəttə, bu şərtlə ki, hazırkı islam əlifbamız əsla dəyişilməyəcək və bütün islam kitabları olduğu kimi qalacaq, hətta çap edilən yeni kitablar da hazırkı əlifba ilə nəşr ediləcəkdir. Ancaq bu yeni kitablar yazılarkən, əcnəbi dillərdən alınan istilahlar və kəlmələr əslində olduğu kimi, yeni əlifba ilə köçürüləcəkdir ki, onların oxunması və tələffüzü düzgün, asan və anlaşılan olsun. Məsələn, Yer kürəsinin hərəkətdə olduğunu birinci olaraq Kopernik kəşf etmişdir. Monte-Kristo adası filan dənizdədir, Şpits-Bergen adası Atlantik okeanındadır. Avstraliya beşinci qitə adlanır, İngiltərə dövləti iki parlamentdən ibarətdir. Avropalıların vapor adlandırdığı buxar gəmilərini hazırlamaq zəruri işdir. Mən filan qəzetə abunə yazılmışdım. Bu kimi cümlələrdə Kopernik, Monte-Kristo, Şpits-Bergen, Avstraliya, parlament, vapor, qəzet, abunə sözlərini yeni əlifba ilə yazacağıq. Bundan başqa, əcnəbi dillərdən bizim dillərə daxil olan kəlmələrin xüsusi lüğətini tərtib edib çap etməliyik. Öz lüğət kitabımızda da məsdərləri və isimləri hazırkı əlifba ilə yazdıqdan sonra həmin isimləri və məsdərləri yeni əlifba ilə də yazmalıyıq ki, onların oxunmasında hansı saitin işlənməsi düzgün təyin edilsin və beləliklə də, bu saitləri xüsusi qeyd etməyə ehtiyacımız olmasın. Yeni əlifba elə tərtib edilməlidir ki, onu öyrənmək və yazmaq üçün iki-üç həftədən artıq vaxt itirməyək. Elə etmək lazımdır ki, bu əlifba qəbul və təsdiq edildikdən sonra onun heç bir hərfi başqa bir şəklə salınmasın. Hal-hazırda mövcud olan nəsx, təliq, şikəstə, reyhani və ayrı-ayrı xətt qaydaları tamamilə köhnə yazımızda qalsın ki, onları öyrənmək üçün yazıq şagirdlərin əziz ömrünün bir neçə ili boş yerə tələf olmasın. Mən iki cür əlifba düşünmüşəm. Onlardan biri latın əlifba hərflərindən seçilərək tərtib edilməlidir ki, onu soldan-sağa yazmaq lazım gələcəkdir. İkincisi isə, hazırkı əlifbamız əsasında qurulmalıdır ki, onu hazırda olduğu kimi sağdan-sola yazmaq olar. Hər iki əlifbanın surətini ayrıca kağızlara köçürüb, sizin xidmətinizə göndərirəm. Xalqın fəzilət sahibi olan nümayəndələri bu hərflərdən hansını bəyənməzlərsə, onun əvəzində yeni və daha xoşagələn hərflər qəbul etməyə haqlıdırlar. Əgər bu iki cür əlifbadan heç birisi onların xoşuna gəlməzsə, sizə ixtiyar verilir ki, mənim nəzərdə tutduğum şərtlərə riayət etməklə, daha yaxşı və daha asan olan üçüncü növ əlifba düzəldəsiniz. Şərtlər bunlardan ibarətdir! Birincisi – bütün nöqtələr hərflərin üstündən və altından atılmalıdır. Çünki onlar oxunuşda səhvlərə, yazıda vaxtın itməsinə, nəşriyyat işində isə çətinliyə səbəb olurlar. Bir dəfə mən dostlarımdan birinə məktub yazmışdım. Məktubun sonunda ayın və günün tarixini qeyd etmək istədim. Təsadüfən, o gün pəncşənbə günü idi. Lakin kağızda yer qalmamışdı, mən pəncşənbə sözünü birtəhər yerləşdirdim. Lakin nöqtələr üçün yer qalmadı, nöqtələri yerləşdirmək işində aciz qaldım, ürəyim elə sıxıldı ki, qələmi tulladım, məktubu “pəncşənbə” sözünə nöqtələri qoymadan göndərdim və kufi xəttini hazırkı zalım xətlə əvəz edən İbn-Muqləyə min lənət oxudum. Çünki nöqtələri icad edən və bizi bu bəlaya salan o olmuşdur. Bütün nöqsanlarına baxmayaraq, kufi xəttin heç olmazsa, nöqtələri yox idi. İkincisi – sait hərflər, yəni erab, sözlərin tərkibində mütləq samit hərflərin sırasına daxil edilməlidir. Üçüncüsü – hər bir hərfin ancaq bir şəkli olmalıdır və başqa cür şəkillərə salınmamalıdır. Bir halda ki, bizim hazırkı sillabi əlifbamızın hərflərindən hər birinin dörd şəkli vardır və bundan başqa yeri gəldikcə bir şəkildən başqa şəklə salınır, beləliklə də yazıq balalarımızı olmazın çətinliklərə düçar edir. Buna görə də mən həmin məktubumun əvvəldən axıra qədər tərcümə edilib, qəzetinizdə çap etdirilməsini cənabınızdan xahiş etməklə bərabər, ümid edirəm ki, bu məsələnin zəruri olmasına dair sizin öz fikrinizə gələn mülahizə və təsəvvüratınızı da yazasınız. Əgər islam xalqlarının başçıları mənim məsləhətimi qəbul edərlərsə, muradıma çatmış olaram. Əks təqdirə, əgər qəbul etməzlərsə, mənim üçün bu təsəlli də kifayət edər ki, bəşəriyyət qarşısında öz vəzifəmi yerinə yetirmişəm. Belə bir təklifin irəli sürülməsində mənə heç bir şəxsi-qərəzlik təsir etməmişdir. Bu işdən heç bir mənfəət də görməmişəm. Əgər bu işdə mənfəət varsa, qoy o mənfəəti yeni əlifbanın qəbulu uğrunda hümmət sərf edən adamlar aparsınlar! Qoy bu mənfəəti o adamlar aparsınlar ki, mətbəələrdə yeni şriftlər tökməklə məşğul olub, yeni əlifbanı düzəldəcək və onu həyata keçirəcəklər. Soruşacaqsınız ki, bəs nə üçün 15 ildir ki, islam əlifbasını dəyişdirmək uğrunda çalışıb-çapalayaraq, hey İrana və Osmanlı ölkəsinə layihələr göndərirəm? Düzünü deyim: sakit dayanıb baxa bilmirəm. Yəni, bacarmıram ki, bütün dünya xalqlarının elmdə, sənayedə gündən-günə tərəqqisini gördüyüm halda, hətta mədəniyyət dairəsinə qədəm qoyub, öz heroqlif əlifbasını tərk etmək qərarına gələn yaponları gördüyüm halda, təkcə təlim və tərbiyə vasitəsi olan əlifbanın çətinliyi üzündən geridə qalan islam xalqlarının əhvalına yanmayım. Vəssalam! Cavab gözləyirəm. Qardaşınız kolonel Mirzə Fətəli Axundzadə 1290-cı il, hicri, [1873] Tiflis şəhəri * * * Nikolaiyə [Müsyö Nikolaiyə] Mənim əzəmətli və əziz qardaşım! Səadətiniz daimi olsun! Sizin məhəbbətlə dolu məktubunuz yetişdi. Sonsuz sevincimə səbəb oldu. Birinci, siz kitablarınızı yanında qoyduğunuz kitabsatanı Tiflisdə tapdım. Onun adı Bernştamdır. Deyir ki, sizin kitablarınızdan heç birisi satılmayacaqdır. Əgər siz şəxsən məktub yazsanız, o kitabları hər kəsə desəniz, ona təhvil verəcəkdir. Erməni həkimi də tapdım. Onun adı da həkim Yevanesyandır. Doğrudan da ağıllı adamdır. Çox üzr istəyir ki, bu xüsusda başısoyuqluq edib sizə xəbər verməmişdir. Hər halda, tapşırığınızı bu qədər yerinə yetirə bilmişəm. İndi isə başqa mətləbə keçək! Mənim əziz qardaşım! “Kəmalüddövlə” o əsərlərdən deyildir ki, onun məzmunu böyük bir təəssüblə xaçpərəstlik dinini yayıb, başqa dinləri təkzib edən adamların xoşuna gəlsin. Bu xüsusda həmin adamlarla danışmaq heç caiz deyildir. Lakin mənim zənnimcə, əgər bu əsər fransız dilinə tərcümə edilərsə, Avropa oxucularının nəzərində Renanın əsərləri kimi hörmət qazanacaqdır və mən çox güman edirəm ki, mətbəə sahibləri özləri sizə tərcüməni çap etmək üçün 20 min frank və daha ziyadə-pul verərək, çap haqqını onlara verməyinizi xahiş edəcəkdirlər. Eyni zamanda, onlar böyük bir məbləğ də sizə verəcəkdirlər ki, əsəri farsca çap etmək imtiyazını da alsınlar. Əziz qardaşım! Nə mənim güman etdiyim böyük mənfəət haqqında, nə də sizin güman etdiyiniz kimi, bu əsərin tərcüməsindən heç bir fayda çıxmayacağına dair olan təsəvvürlər haqqında heç bir hökm vermək olmaz. Yəni bizim təsəvvürlərimiz ancaq ehtimala əsaslanır. İşin əsli isə hələlik bizə məlum deyildir. Belə isə mənfəət məsələsinin müzakirəsi hələ təxirə salınmalıdır. İndi mən əsəri verdim ki, gözəl və aydın xətlə yazsınlar. İnşallah bu iş qurtardıqdan sonra gələn ilin may ayında mənimlə tanış olan bir şəxs Tiflisdən Parisə yola düşəcəkdir. Əsəri sizə çatdırmaq üçün ona verəcəyəm. Siz əvvəlcə onu oxuyun və məzmunu ilə tanış olun. Əgər onun tərcümə edilməsindən əlinizə bir mənfəət çatacağına əmin olsanız, tərcüməyə başlayın. Çünki bu zəhmət mənfəətsizdir. Mənfəətsiz bir işi mən özüm belə sizə məsləhət görməzdim. Əgər əsəri oxuduqdan sonra onu tərcümə etmək tərcümənin və əslinin çap edilməsindən bir mənfəət əldə edəcəyinizə ümidiniz olmazsa, özünüzü zəhmətə salmayın, əsəri həmin şəxsin vasitəsilə geri göndərin! Siz mənfəətsiz zəhmət çəkməməlisiniz. Bu, mənim üçün də xoş olmaz ki, sizə müftə zəhmət verib, belə bir təklif edəm. Əgər əsərin tərcüməsindən və ya əslini çap etdirməkdən sizə bir mənfəət çıxarsa, tərcüməyə başlayınız və tərcüməni qurtardıqdan sonra Fransada mövcud olan qanunlar əsasında, əsəri sizə gətirən şəxs ilə birlikdə (bu şəxsin əlində mənim tərəfimdən vəkalətnamə də olacaqdır) mətbəə sahibi ilə müqavilənamə bağlayın. Həmin müqavilənamədə göstərilsin ki, əsəri bir dəfə və ya bir neçə dəfə əslində, ya tərcümə edilmiş şəkildə çap etmək hüququ mətbəə sahibinə verilir və bunun müqabilində o, sizə və mənim vəkilimə filan qədər pul verir. Vəssalam! Məktubun sonunda bunu da qeyd etmək istəyirəm ki, mənim bu əsəri Renanın əsərinə oxşatmaqdan məqsədim, onun mətnində, Allah göstərməsin, İsa dini əleyhinə fikirlərin olması üzündən deyildir. Burada İsa dini əleyhinə bir kəlmə də yazılmamışdır. Mənim bu oxşatmağım ancaq əsərin məzmunu münasibəti ilə olmuşdur. Sizin qardaşınız kolonel Mirzə Fətəli Axundzadə 15 iyun, 1873-cü il, Tiflis * * * Qeyd 18 iyun 1873 tarixində Qocurdan Tiflisdəki Osmanlı konsulunun müavini Ömər Səbri bəyə bir məktub göndərib xahiş etmişəm ki, mənim bir məktubumu İstanbulda “Həqayiq” qəzetinin mühərririnə göndərsin. Məktubla bərabər, iki yeni əlifba layihəsi də göndərmişəm ki, onlardan biri latın hərflərindən, digəri isə köhnə islam əlifbası hərflərindən tərtib olunmuşdur. Bundan əlavə, mənim bir məktubumu da Voliç əfəndinin adına, digər bir məktubumu isə Tiflisdəki Fransa konsulu vasitəsilə Paris şəhərində müsyö Nikolainin adına göndərib, həm də öz dostu Səid bəydən və “Həqayiq” qəzetinin mühərririndən xahiş etməsini istəmişəm ki, bu iki layihə barəsində ona cavab yazsınlar. Həmin tarixdə “Kəmalüddövlə” əsərini fransız dilinə tərcümə etmək haqqında Paris şəhərinə müsyö Nikolainın adına məktub göndərmişəm. Yenə də həmin tarixdə Voliç əfəndiyə əlifba haqqında məktub yazıb, xahiş etmişəm ki, mənim məktubumu çap edib, yeni əlifba layihəsini elan etmək barədə “Həqayiq” qəzetinin mühərriri qarşısında İstanbulda vasitəçilik etsin və cavabını mənə göndərsin. * * * Mirzə Yusif xana Sabiq Tiflis konsulu Mirzə Yusif xana Təbrizdə naibül-vəzarə vəzifəsinə təyin olunması münasibətilə yazılmış məktubun surəti Əzəmətli ağam, səadətiniz daimi olsun! Əvvəla, mən və Şeyxülislam sizin nəbül-vəzarə vəzifəsi ilə Təbrizə varid olmağınızı təbrik edirik! Allaha şükür ki, sizə dostların istəyincə layiqli bir vəzifə qismət oldu. Sizin evinizi dövlətə satmaq barəsində, mənim xahişimlə Mirzə Əsədulla xan Xarici İşlər Nazirliyinə vəkalətnamə göndərmişdi. Mən isə xüsusi məktubla sizi əhvalatdan xəbərdar etmişdim. Bəs bu tədbirin nəticəsi nə oldu? Mənim köhnə dostum olan Ağa Qalust Şermazanov bu günlərdə Təbrizə gələcəkdir. O, sizin evin əhvalatı ilə tanışdır. Ona tapşırmışam ki, məsələni ətraflı surətdə sizə danışsın. Buralarda elə bir yeni əhvalat baş verməmişdir. Osmanlı elçisi Münif əfəndinin gəlməsini gözləyirik. Yanvarın 1-dən burada şiələrin və sünnilərin ruhani idarəsinin sədri Şeyxülislamdır. Sünni ruhani idarəsinin sədri isə sabiq Şamaxı qazisi müfti Hacı Həmid əfəndidir ki, inişil vəfat etmiş müfti Məhəmməd əfəndinin yerinə keçmişdir. Cənab Ruhül-qüdsü bu dəfə Tiflisdə olduğu zaman, gündə iki dəfə görüb söhbətindən feyziyab olurduq. Ürəyimdəkiləri izhar etmək üçün qələmə icazə vermirəm. “Ay gözəldir, lakin sənin üzün ondan da gözəldir, sərv könül oxşayandır, lakin sənin qəddin onda da könül oxşayandır”. Bütün tənzimat və yeniliklər yaxşıdır. Lakin əsassızdır, bünövrəsi yoxdur, davamsızdır, müvəqqəti işdir. Bir neçə gündən sonra alt-üst olacaqdır. Elm və maarif yuxarıdan tutmuş aşağıya qədər, kasıbdan tutmuş əşrafa qədər xalqın bütün təbəqələri arasında müstəsnasız olaraq yayılmalıdır. Çoban da, əkinçi də, tacir də, əttar da nazirlərin malik olduqları imkana və bacarığa malik olmalıdırlar. Bütün xalq dövlət başçılarının gördüyü tədbirlərdə iştirak etməlidir. Əfsus, əfsus! Siz bu dərəcəyə nə zaman çatacaqsınız? Hələlik, eybi yoxdur, bir para uşaq əyləncələri ilə könlünüzü şad edin! Təbiidir ki, dəmiryol sizin vətəninizi abad və asudə edəcəkdir. Lakin sizin xalqın tam səadəti başqa şərtlər və başqa vəziyyətdən asılıdır ki, onların da ümumi əsası elmləri inkişaf etdirmək və Kəmalüddövlənin fikirlərini xalq arasında yaymaqdır. Bunların hər ikisi də əlifbanın dəyişdirilməsi ilə bağlıdır, bəlkə də belə bir ehtimal fərz edək ki, dəmiryol get-gedə əlifbanın dəyişdirilməsinə, elmlərin inkişafına və Kəmalüddövlənin fikirlərinin yayılmasına bais olacaqdır. Eh! Mənə nə! Vallah bu fikirlərdən təngə gəlmişəm. Bundan sonra daha bu kimi məsələlərdən danışmayacağam. Nə olursa olsun, müasirlərimin nadanlığından, türklər demişkən, zəhləm gedir! Ağa Qalustun da Təbriz yaxınlığında Zincənab və Mən cənab adlı iki para kəndi vardır. Elə zənn edirəm ki, o da sizin evinizi almağa meyl göstərə bilər. Mən bu barədə ona bir söz deməmişəm. Özünüz bu barədə söz salın. Əgər mayil olsa, evi kəndlərlə dəyişdirə bilərsiniz. Mirzə Fətəli * * * Tehranın xarici işlər nazirinə Tehranın cəlal sahibi xarici işlər Nazirliyinin rəisi cənablarına qayibanə salam yetirib, həmin türkcə “Təmsilat”ı yadigar olaraq hədiyyə göndərirəm 1873-cü il, dekabr ayında İslam əlifbasını dəyişdirmək arzusu ilə axirət səfərinə hazırlaşmışam. Yəni qocalmışam. Əfsus ki, nə Rumda, nə də İranda xalqın başçıları islam millətinin tərəqqisi xatirinə əlifbanı dəyişdirmək işinə əl qatmaq istəmədilər ki, bu vasitə ilə də həmin iki ölkənin əhalisi, kişili-qadınlı bir neçə ayın müddətində hamılıqla savadlı olsunlar, bu yol ilə də Avropanın hazırkı elmlərinə dair bütün əsərlər bir neçə ilin ərzində müsəlman xalqlarının dillərinə tərcümə edilsin və biliklərin yayılması sayəsində də islam xalqları üçün səadət və bəxtiyarlıq dövranı başlansın! Əlifbanı dəyişdirmək çox sadə işdir. Birinci, hərflərin vahid şəklindən başqa digər şəkilləri olmamalıdır. İkinci, samit hərflərdən bütün nöqtələr atılmalıdır. Üçüncü, sait hərflər, yəni hərəkələr hamısı sözlərin tərkibində samit hərflərin yanında yazılmalıdır. Dördüncü, sözlərin tərkibində bitişən hərflər bitişməyən hərflərlə əvəz olunmalıdır. Bu yolla hər bir uşaq bircə ay ərzində savadlanıb, bütün islami kitabları oxumağa qadir olacaqdır. Məsələn, hər bir hərfin birinci şəkli kəlmələrin tərkibində saxlanılır, yerdə qalan üç şəkli tərk edilir. Bu nümunədə göstərilən kimi: “Təqdir qələmi illər uzunu sənin qamətini çəkdi. Qamətin qiyamət imiş ki, belə tul çəkdi”. Bu, bir nümunədir ki, göstərirəm. İran alimlərinin özləri yuxarıdakı dörd şərtə riayət etməklə, hərflər üçün yeni şəkillər düzəldə bilərlər. Başqa xalqlar dəmiryol və teleqraf yaradıb, İran xalqı isə bir neçə hərfin şəklini də yarada bilmir? Alinəsəb şahzadə Etizadüssəltənəyə deyiniz ki, onun vəd etdiyi həkimanə əsərlərinin və Manukci Sahibdən istədiyim “Əncümənaraye-huşəng” kitabının gəlib çatmasının intizarındayam. Kolonel Mirzə Fətəli Axundzadə * * * Tiflis qubernatoru K.İ.Orlovskiyə ərizə Alihəzrət, Tiflis qubernatoru, gizli müşavir və Kavaler Konstantin İvanoviç Orlovski həzrətlərinə Qafqaz canişini baş idarəsi dəf- tərxanasının mütərcimi polkovnik Mirzə Fətəli Axundzadə tərəfindən Ərizə Mənim 20 yaşlı oğlum Rəşid bəy Axundzadə iki il bundan əvvəl Tiflis klassik gimnaziyasının tam elmi kursunu bitirib şəhadətnamə almışdır. İndi xaricə gedib Belçika krallığının Brüssel şəhərində mühəndis fakültəsinə daxil olmaq istəyir. Bunun üçün ona və onunla birlikdə bizim evdə böyümüş, onu müşayiət edən və oğlum Brüsseldə olduqca onun yanında qalacaq Nəcəf Qafar oğluna xarici pasport verilməsi haqqında sərəncam verməyinizi acizanə xahiş edirəm. Polkovnik Mirzə Fətəli Axundzadə Mənim oğlum 21 [?] yaşlı Rəşid bəyin ona üz vermiş xəstəliyə görə bir il müddətinə xarici tibbi yardıma ehtiyacı var. 8 aprel 1874-cü il, Tiflis * * * Nikolay İvanoviç Baranovskiyə Qafqaz canişini baş idarəsi dəftərxanasının direktoru, həqiqi dövlət müşaviri həzrət-əşrəf Nikolay İvanoviç Baranovski cənablarına 9 aprel 1874, Tiflis Mənim 20 yaşında olan oğlum Rəşid bəy Axundzadə 2 il bundan qabaq Tiflis klassik gimnaziyasının tam kursunu bitirərək, elmləri öyrənməsinə dair lazımi attestat almışdır. Hazırda o, mənim şəxsi himayəmdə xaricə, Belçika məmləkətinin paytaxtı olan Brüssel şəhərinə getmək və oradakı mühəndislik məktəbinə daxil olaraq, bu ixtisası öyrənmək arzusundadır. Buna görə də mən siz zati-aliyə müraciətlə acizanə xahiş edirəm ki, Qafqaz canişini Baş idarəsinin rəis cənabından siz mənim oğlum üçün Belçika sarayındakı rus elçisinin üstünə göndərilən bir tövsiyə məktubu alasınız və bu yolla da bütün təhsil müddətində mənim oğluma iltifat üzündən himayə göstərməsini xahiş edəsiniz. Polkovnik Mirzə Fətəli Axundzadə * * * Əli xana Azərbaycanda xarici işlər müdiri, cəlal sahibi Əli xan cənablarına Əzəmətli ağam, Allah səadətinizi daimi etsin! Sizin yeni vəzifəniz mübarək olsun! Çox yaxına gəlmişsiniz. Tiflisdə olduğunuz zaman mənim haqqımda həmişə göstərdiyiniz iltifatları nəzərə alaraq zənn edirəm ki, bir neçə günlüyə sizin ziyarətinizə gəlmək mənə vacib idi. Lakin qocalmışam. Digər tərəfdən isə, sizin dövlətinizin torpağında mənim canımı təhdid edən xətərlərdən xatircəm deyiləm. Buna görə də məni bağışlamalısınız. Sizin gözəl sifətlərinizi vəsf etməklə, təkcə mənim ağzım şirin deyildi. Bəlkə bütün dostlar və sizi tanıyanlar, Tiflisdə bir dəqiqə də olsun sizin adınızı xeyirlə yad etməkdən qəflət etmirlər. “Təkcə sənin gül üzünün vəsfində mən qəzəl söyləmirəm, sənin hər tərəfdə minlərlə bülbülün vardır”. Şah əlahəzrətləri Tiflisdən keçərkən, mən də dövlət başçıları tərəfindən Poti limanına göndərilmişdim ki, orada şahzadələrlə söhbət edib onları yola salam. Orada cənab Müşirüddövlə mənim yanıma gələrək əhvalımı soruşdu və çox mehribanlıq göstərdi. Dedim: – Sərkar sədr-əzəm, mən heç güman etməzdim ki, siz mənim barəmdə bu qədər iltifat göstərmiş olasınız. Soruşdu: – Mirzə Fətəli, nə üçün belə düşünürsünüz? Dedim: – Mümkündür ki, bəzi səhvlər məndə bu fikri oyatmışdır. Dedi: – Mirzə Fətəli, siz mütləq səhv etmişsiniz! Xülasə, bizim aramızda tam sülh və dostluq əmələ gəldi. Dedim: – Sərkar sədr-əzəm, siz sədarətdən ibarət olan arzunuza yetişdiniz. Mən isə əlifbanı dəyişdirməkdən ibarət olan arzuma çatmaqdan hələ məhrumam. Dedi: – Mirzə Fətəli, mən də hələ öz arzuma çatmamışam. Arzuya çatmaq bundan ibarət deyil ki, gəlib baş nazir kürsüsündə əyləşəsən. Axı bu kürsüdə əyləşərkən bir iş görmək lazımdır. Hələ ki, bir iş görməmişəm. Dedim: – Siz hansı şəxslərin köməyi ilə işə iqdam edəcəksiniz? İranda sizin fikrinizə şərik olan heç kəs yoxdur. Əvvəlcə adam hazırlamalısınız, sonra işə başlamalısınız. Bu gün İranda zahirdə nəfəsləri gələn şəxslər, həqiqətdə ölü sayılırlar. Onların qanı soyumuş və hərəkətdən düşmüşdür. Onların damarlarına təzə və isti qan tökmək və hərəkətə gətirmək lazımdır. Ondan sonra işləmək asandır. Təzə qan isə yeni əlifbanı qəbul etmək və Avropa elmlərini öyrənməkdən ibarətdir. Güldü və dedi: – Görək nə etmək lazım gəlir... Rəşid xidmətinizə salam yetirir. Üç aydan sonra təhsilini təkmilləşdirmək üçün universitetə gedəcəkdir. Gözümün işığı olan Hüseyn paşanın üzündən öpürəm. Sizi Allaha and verirəm, əvvəl-əvvəl ona fransız əlifbasını öyrənməyi tapşırın ki, islam əlifbasını oxumaqla, bu əlifbanın sayəsində təlim və tərbiyənin birinci mərhələsində təhsildən, türklər demişkən, zəhləsi getməsin. Sizə ixlası olan Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı. 10 yanvar 1874-cü il, Tiflis * * * Etizadüssəltənəyə Həzrət-əşrəf və əfxəm, Valanəsəb, şahzadə Etizadüssəltənənin xidmətinə ərz edirəm Allah onun səadətini daimi etsin! Valahəzrətin məktubu yetişdi və başımı ucaltdı və cənabınızın əsərlərindən ibarət beş cild kitab, o cümlədən üç cild “Əfqanıstan tarixi” və iki cild “Fələküssəadə” gəlib çatdı. Bir cild “Əfqanıstan tarixi” və bir cild “Fələküssəadə”ni Şeyxülislam cənablarına verdim. “Əfqanıstan tarixi”nin bir nüsxəsini Mirzə Mustafaya təqdim edib, iki nüsxəsini isə özüm götürdüm. Bu gün ikinci gündür ki, hər gecə Şeyxülislamın mənzilində “Fələküssəadə” kitabını oxumaqla məşğuluq. Onu bitirdikdən sonra “Əfqanıstan tarixi”ni oxumağa başlayacağıq. Şeyxülislam həzrət-əşrəfinizin iltifatı və qayğıkeşliyindən o qədər fəxr edir ki, vəsfini qələmə almaqdan acizəm. “Fələküssəadə”də bəhs olunan məsələlərdən, habelə “Əfqanıstan tarixi”nin mündəricəsindən aydın olur ki, həzrət-əşrəfiniz bir sıra elmlərdə, o cümlədən nücum elmində, hesab, həndəsə, coğrafiya elmlərində fəzilət sahiblərinin hədis və rəvayətləri, habelə ədəbiyyat və dünya xalqlarının tarixi sahədə dərin biliyə maliksiniz. Şeyxülislam deyir ki: “Mən İranı görməmişəm, amma Qafqazın hər yerinə bələdəm. Bütün Qafqaz vilayətlərində istər şiələr və istərsə də sünnilər içərisində şahzadə qədər məlumat, bəsirət və hikmət sahibi, islam xalqları dillərində bu qədər savadlı, fazil və alim adam yoxdur”. Yüksək nəsəbin elmi şərafətlə bir vücudda birləşməsi ən böyük səadət və xoşbəxtlikdir. Xüsusilə də ki, əsər yazmaq istedadına malik olmaq, doğrudan da ümumiyyətlə və islam xalqları arasında xüsusilə nadir hadisələrdən sayılır. Şahzadə! Əvvəllərdə də oxumuş olduğum “Fələküssüəadə”nin əhatə etdiyi məsələlərə görə, həzrət-əşrəfinizə olan ixlasım artmışdır. İndi həzrətəşrəf şahzadə ilə öz fikirlərim arasında artıq ixtilaf görmürəm. İstəyirəm ki, mündərəcəsi hələ indiyə qədər islam aləmində qələmə alınmamış qəribə bir əsərin bir nüsxəsini həzrət-əşrəfinizin xidmətinə göndərim. Lakin onu, həzrət-əşrəfinizin mənə nişan verəcəyi inanılmış bir adam olmazsa, heç kəsə verə bilmərəm ki, sizə çatdırsın. Əsərin müəllifi isə hələlik gizli qalmaqda davam edir. Şahzadə! Həzrət-əşrəfinizdən bir sual etmək istəyirəm: – Nə məqsədlə zəhmət çəkib “Fələküssəadə”ni yazmışsınız? Məgər sizin məqsədiniz bu deyilmi ki, xalq bu kitabın məzmunu ilə tanış olaraq, bundan sonra ulduzların hökmünə inanmasın, münəccimlərin və kahinlərin sözlərinə bel bağlamasın və bu vasitə ilə də cahillərin zümrəsindən xaric olaraq, ariflərin sırasına daxil olsun?! Hazırda bütün Yer kürəsində yaşayan müsəlman xalqlarının sayı iki yüz milyona yaxındır. Zahirən onlardan 14 milyona yaxını İran məmləkətində yaşayır. Başqa ölkələrin əhalisini bir yana qoyaq, bütün İran ölkəsində neçə nəfər “Fələküssəadə”ni oxumaq iqtidarına malikdir? Fərz edək ki, on min nəfər! Lakin həqiqətdə on min deyil, bəlkə min nəfər də buna qadir deyildir. Məgər xalq bu min nəfər, ya on min nəfər adamdan ibarətdir? Gərək bütün İran əhalisi, kişili-qadınlı, “Fələküssəadə”ni və onun məzmununu anlamağa qadir olsun ki, sizin də məqsədiniz yerinə yetsin və zəhmətiniz hədərə getməsin! Avropa camaatı, qadınlı-kişili, beş-altı ilin ərzində hamısı savadlı ola bilərlər. Lakin bizim uşaqlarımız beş-altı il ərzində “Gülüstan”dan və “Bustan”dan hələ baş çıxara bilmirlər. Əlbəttə, belə olacaqdır! Çünki Avropa camaatı elə bir vasitə tapmışdır ki, onun yardımı ilə az bir müddət ərzində savadlanmağı bacarırlar. Bəs nə üçün biz haman vasitəni onlardan öyrənmirik? Bir halda ki, biz onların bütün tərəqqilərini etiraf edirik və onların bütün tənzimatını mənimsəmək arzusundayıq. Az bir müddət ərzində savadlanmağın birinci vasitəsi əlifbanın asanlığıdır. Bizim əlifbamız isə cürbəcür nöqsanlara malikdir. Siz bir məclis düzəldin və bütün dünyada yaşayan xalqların əlifbasını qabağınıza qoyun! Onlardan ən gözəl və ən yaxşı hərflərin şəkillərini seçin, bizim üçün yeni bir əlifba düzəldin və xalqımızı qaranlıqdan işıqlığa çıxarın. Bu işdə beş şərtə riayət edin: Birincisi, hər bir hərf ancaq bir şəklə malik olub, müxtəlif şəkilləri qəbul etməmiş olsun. İkincisi, sait hərflər, yəni erab və hərəkələrin hər birinin xüsusi şəkli olsun və hamısı samit hərflərin yanında yazılsın. Üçüncüsü, nöqtələr bütünlüklə hərflərdən atılsın. Dördüncüsü, kəlmələrin tərkibində hərflər bir-birinə yapışmasın, yəni sözlər ayrı-ayrı hərflərdən əmələ gətirilsin. Beşincisi, yazı işinin sürəti xatirinə əlifbamız avropalıların əlifbası kimi soldan-sağa yazılsın. Köhnə əlifbamız da, dini işlər üçün təkcə din alimləri və ruhanilərin əlində qalsın. Yeni əlifba isə ancaq Avropa elmlərini yaymaqda mülki və dövləti işlərdə tətbiq edilsin. Necə ki, Böyük Pyotr rusların köhnə əlifbasını keşişlərin ixtiyarında qoyaraq, Avropa əlifbaları əsasında yeni bir əlifba icad etmişdir. Ola bilsin ki, deyəcəksiniz: Mirzə Fətəli, bütün bunlar soyuq dəmiri döymək kimi bir işdir. Bəli, bunu mən özüm də başa düşürəm. Lakin yenə də yazıram və nə qədər ki sağam, yazmaqda davam edəcəyəm ki, əlifbanı dəyişdirmək fikri bütün xalq arasında yayılmış olsun. Məlumdur ki, 15 ilə yaxındır ki, bu fikrin toxumunu mən İranda və Osmanlı torpağında səpirəm. Şübhəsiz ki, bu toxum bizim xələflərimizin zəmanəsində göyərəcəkdir. Bir də ki, həzrət-əşrəf şahzadə, böyük filosof və məşhur ustad Əbu- Reyhan Biruninin “Əl-asarül-baqiyə ənil-qurunül-xaliyə” (“Xali əsrlərdən qalmış əsərlər”) kitabının izahı və tərcüməsini bitirdikdən sonra mənə və Şeyxülislama iki nüsxə göndərsəniz, yenidən başımızı ucaltmış olarsınız. Mən isə hələlik yüksəkşənli Manukci Sahibdən “Mütənəbbein” və “Əncümənaraye-huşəng” kitablarının göndərməsini gözləyirəm. Şahzadə! Əfsus, min əfsus ki, sizinlə həmsöhbət olmaq şərəfindən məhrumam. Həqiqətən, çox qiymətli bir vücudsunuz. Hər halda, uzaqdan da olsa, sizi tərif və dua etməklə məşğulam. Mən və Şeyxülislam imkanımız olduqca “Fələküssəadə”nin fikirlərini əhalinin bütün təbəqələri arasında yayacağıq. 1874-cü il, yanvarın 20-də Tiflisdə, sizə riyasız ixlası olan kolonel Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı. * * * Nikolaiyə Rəştdə Fransa dövlətinin baş konsulu müsyö Nikolaiyə 24 fevral 1874-cü il Cənabınıza məlum olan kitabı fars dilində dəftərə köçürüb hazırlamışdım. Odur ki, fevralın 17-də Parisə, sizin adınıza teleqraf vurub soruşdum ki, həmin kitabı sizə göndərmək üçün Tiflisdəki Fransa konsuluna təqdim edimmi? Fevralın 20-də sizin hörmətli arvadınızdan cavab yetişdi ki, siz hazırda Tehrandasınız. Belə olduğuna görə, bu məktubu yazmağa iqdam edib sizdən soruşuram ki, Tehranda vəzifəyə təyin olunmuşsunuz və ya Paris şəhərinə qayıdacaqsınız? * * * Nikolaiyə 1874-cü il 24 fevralda Tehrana müsyö Nikolai cənablarına yazılmış məktubun surəti Əziz və əzəmətli dostum müsyö Nikolai! Sizə məlum olan kitabın farscası dəftərə yazılıb hazırlanmışdı. Ona görə də fevralın 17-də sizin adınıza Parisə teleqraf vurub soruşdum ki, o kitabı sizə göndərmək üçün Tiflisdəki Fransa konsuluna verə bilərəmmi? Teleqrafın pulunu isə hər iki başa, yəni həm xitab, həm də cavab üçün Tiflisdə vermişdim. Fevralın 20-də sizin hörmətli arvadınızdan cavab gəldi ki, siz halhazırda Tehrandasınız. Bu xəbər məni fikir-xəyal dəryasına qərq etdi. Bilmədim ki, siz Tehrana müvəqqəti getmişsiniz və ya orada qulluğa təyin olunmuşsunuz. Sizin orada qalmağınız çoxmu çəkəcəkdir? Buna görə də həmin məktubu yazmaq qərarına gəldim. Sizdən soruşuram: Tehrandamı qulluq edəcəksiniz, yoxsa Parisə qayıdacaqsınız? Əgər həqiqətən sizin Parisə qayıtmağınız uzun çəkərsə, o zaman mən böyük naümidliyə düçar olacağam. Çünki sizdən başqa həmin kitabı fransız dilinə tərcümə edə bilən başqa bir adam tanımıram. Kitabı Tehrana da göndərə bilmərəm. Bu iş təhlükəlidir. Belə isə, sizdən çox xahiş edirəm ki, bu yaxınlıqda Parisə qayıdıb-qayıtmayacağınızı mənə xəbər verəsiniz. Əgər tez qayıtmış olsanız, məlum kitabı Tiflisdəki Fransa konsuluna verim ki, cənabınıza göndərsin. Əgər sizin qayıtmağınız uzun çəkəcəkdirsə, o zaman bu kitabı kimin vasitəsilə və köməyilə fars dilindən tərcümə etməyin mümkün olmasına dair məsləhətinizi mənə yazın! Artıq zəhmət vermirəm. Dostunuz kolonel Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı. 24 fevral 1874-cü il. Tiflis * * * Nikolaiyə 1874-cü ilin mart ayında müsyö Nikolai cənablarına göndərəcəyim məktubun qaralaması Əziz və əzəmətli dostum müsyö Nikolai, Allah səadətinizi daimi etsin! Necə ki, vəd etmişdim, sizə məlum olan əsərin nüsxəsini dövlətiəliyyeyi-Fransanın konsulu cənablarına təqdim etdim ki, sizə göndərsin. Bu əsərdə iki cür mətləb vardır. Onlardan biri metafiziklərin fikrini əhatə edir; digəri isə islam xalqlarının daxili məsələləri, ev sirlərinə şamildir. O ki, metafiziklərin fikrinə aiddir, onlar Avropa mütəfəkkirlərindən gizli və örtülü deyildir. Avropa alimləri metafiziklərin nəzəriyyəsini biz müsəlmanlardan yaxşı bilirlər. Lakin biz müsəlmanların daxili məsələlərimizə və ev sirlərimizə gəlincə, demək olar ki, avropalıların bu sirlərdən tam xəbərləri yoxdur. Çünki islam xalqları içərisində bu günə qədər yetişən mütəfəkkirlərdən heç birisi bu fikirləri və bu sirləri açmağa cəsarət etməmişdir. Məhz buna görə də həmin əsər avropalıların böyük maraq və etinasına səbəb olacaqdır. Həmin səbəbə görə də onun fransızcaya tərcüməsi, Avropa alimləri və mütəfəkkirləri nəzərində cilvələnəcəkdir. Odur ki, cənabınızdan xahiş edirəm, həmin əsəri fransızcaya tərcümə edin və tərcüməni bitirdikdən sonra kitabsatanlara göstərin. Əgər onlar əsəri bir dəfə və ya bir neçə dəfə çap edib satmaq hüququnu sizdən satın almış olsalar, o zaman həmin məbləğdən bir hissəsini öz insafınıza görə, çəkdiyim zəhmət müqabilində mənə göndərə bilərsiniz! Əvvəllər yazdığım kimi yenə də təkrar edirəm ki, mən bu barədə sizinlə şərt bağlamıram. İxtiyar sizin özünüzdədir. Göndərdiyim tərcümeyi-halın, yəni bioqrafiyanın tərcüməsini də əsərin fransızca tərcüməsi ilə birlikdə çap etməlisiniz. Məsləhət bildiyiniz şərtlər əsasında, əsəri Avropanın başqa dillərinə tərcüməyə verməkdə də ixtiyar sahibisiniz. Sözün qısası, bu əsərə aid olan bütün məsələlərdə siz mənim tərəfimdən vəkili-mütləqsiniz. Bundan sonra isə əsərin orijinalını, yəni onu fars dilində çap etdirməyə çalışmaq lazımdır. Kitabın əslini, yəni orijinalını çap etdirdiyiniz təqdirdə, kitabsatanlardan aldığınız qazancı da cənabınıza bağışlayıram. Əgər ondan da bir pay ayırıb mənə göndərmək istəsəniz, o da öz insafınıza qalıbdır. Əsərin orijinal çapını fars dilində bütün Hindistanda və onun ətrafında tamamilə azad bir şəkildə satmaq olar. Ancaq olmaya-olmaya mənim tərcümeyi-halımı, yəni bioqrafiyamı fars dilində çap edəsiniz və olmaya-olmaya farsca işarə edəsiniz ki, bu əsəri Axundzadə yazmışdır. Çünki mənim xalqım hələ fikir azadlığına malik deyildir. Mənim həmməzhəblərim elə bir kitabın mənim tərəfimdən yazıldığını bilsələr, mütləq mənə qarşı şiddətli ədavət bəsləyəcəkdirlər. Əgər görsək ki, bu əsərdən müəyyən bir mənfəət əldə edildi, ondan sonra... * * * Mirzə Məhəmmədrəfi Sədrül-üləmayə Cənab müstətab, qüdsi əlqab ağa Mirzə Məhəmmədrəfi Sədrül-üləmaya çoxlu salam yetirirəm Allah onu səlamət eləsin! Ağa! Əziz ağam Mirzə Əsədulla xanın xahişi ilə, onun vasitəsilə özümün türkcə “Təmsilat”ımdan bir cild yadigar olaraq cənabınıza hədiyyə göndərdim və bununla da təsadüfən istifadə edərək, sizinlə tanışlıq və dostluğun əsasını qoyub, birinci məktubumu islam dillərində yazmağı, oxumağı və çap işini asanlaşdırmaq üçün yeni əlifbanı qəbul etmək zərurəti barədə yazıram. Ağa! Siz nə üçün istəmirsiniz ki, bizim xalqımızın bütün fərdləri, kişili-qadınlı, şəhərli və kəndli az bir müddətdə savadlı olsunlar? Axı siz görürsünüz ki, köhnə əlifbanın çətin olması nəticəsində, hicrətdən keçən 1290 ildən bəri islam xalqları arasında elmlər yayıla bilmir? Belə isə məlum olur ki, bizim köhnə əlifbamızın bir çox eybi və nöqsanları vardır. Bu əlifba ilə yazıb oxumağın və kitab çap etməyin çətinliyi haqqında danışmağa belə ehtiyac yoxdur. Ağa! Dörd şərti saxlamaqla yeni bir əlifba tərtib ediniz! Birincisi, hər bir hərfin ancaq bir şəkildən başqa müxtəlif şəkilləri olmasın. İkincisi, hərflərin altında və üstündə olan bütün nöqtələr atılsın. Yəni hərflər bir-birindən nöqtələrin sayı ilə deyil, öz şəkillərinin müxtəlifliyi ilə fərqlənsin. Üçüncüsü, bütün sait hərflər, yəni erab və hərəkələr, məsələn, fəthə, kəsrə, zəmmə və sairə hər biri xüsusi bir şəkildə, hərf kimi sözlərin tərkibində samit hərflərin yanında yazılsın. Dördüncüsü, samit hərflər sözlərin tərkibində işlənərkən biri digəri ilə bitişməsin. Onların bitişməsinə sait hərflər, yəni indiyə qədər samitlərin altına və üstünə qoyulan hərəkələr kömək etsin. Həqiqətdə, fəthənin müqabilində – ə, kəsrənin müqabilində – i, zəmmənin müqabilində isə – ü səsləri vardır. Bunlar Quranda hərflərin üstündə və altında hərəkə şəklində yazılırdı. Yeni əlifbada isə bu hərəkələrin qəddi düzəldilməli, şəkli düzəldilməli və ayrıca hərflər şəklinə salınıb, sözün tərkibində yazılmalıdır. Ağa! Əgər biz belə bir əlifbanı qəbul etsək, onun vasitəsilə bütün uşaqlarımız bir-iki ay ərzində öz ana dillərində hər şeyi anlayacaq və başqa dillərdə yazılan kitabların yazısını da heç bir səhv və xətaya yol vermədən oxuya biləcəklər. Yəni savad öyrənmək üçün uşaqlara ayrı-ayrı hərfləri tanımaq kifayətdir və bu yeni əlifba bütün təbəqələri və bütün peşə sahiblərini savadsızlığın eybindən və qəbahətindən xilas edəcəkdir. Bütün vəzifə sahibləri, şöhrət və yaxşı ad axtaran şəxslər bu əlifbanın vasitəsilə Avropa elmləri ilə tanış olacaqlar. Avropa elmləri tədriclə bizim dilə tərcümə olunaraq, yeni əlifbaya köçürülüb nəşr ediləcəkdir və İran xalqı nailiyyətə və xoşbəxtliyə çatacaqdır. Qoy köhnə əlifba da din alimlərinin əlində qalsın ki, onlar bu əlifba ilə yazılmış dini kitabları oxuyub, məzmununu bizə təlqin etsinlər. Yəni, qoy, köhnə əlifba axirət işlərinə, yeni əlifba isə dünya işlərinə məxsus olsun. Ağa! Bilirəm ki, bu kimi böyük fikirləri həyata keçirmək, mənim və sizin kimi adamların qüvvəsindən xaricdir. Belə bir fikri icra etmək, qüdrət və iradə sahibi olan bir padşahın əzm və iradəsindən asılıdır. Nə edim ki, əlim padşaha çatmır. Ona görə də mən öz fikrimi sizə və sizin kimi başqa cənablara bu məqsədlə bildirirəm ki, mənim fikrimi xalqın arasında yaysınlar. Qoy, bu fikir danışıqların mövzusu olsun, bəlkə bu yolla bir vaxt padşahın qulağına çatsın və onu imkandan həqiqətə çevirsin. Ağa! İndiyə qədər bizdən baş verən hər bir yaxşı iş, məsələn, xeyrat, ehsan və sairə, hamısı behişt əldə etmək tamahı xatirinə olmuşdur. İndi də gəlin, bir qədər şəxsi mənfəət güdmədən, vətənimizin azadlığı, xalqımızın tərəqqi və səadəti yolunda yaxşı işlərə iqdam edək! Mənə belə gəlir ki, bu kimi işlər həm insanların, həm də Allahın yanında hər cür ibadətdən daha yaxşıdır. Mən yeni əlifbanın layihəsini ayrıca bir varaqda bu məktubda qoyduğum qırmızı əlamətin altında yazıb sizə göndərirəm. Ağa! Bu əlifbada sizə xoş gəlməyən hər bir hərfi və ya şəkli öz istədiyiniz kimi dəyişdirməyə ixtiyarınız vardır. Hətta, mən sizə ixtiyar verirəm ki, əlifbada olan bütün sait və samit hərflərin şəkillərini ya öz səliqənizlə, ya da xoşxət adamların səliqəsi ilə tamamilə dəyişəsiniz. Lakin yuxarıda qeyd etdiyim dörd şərtdən kənara çıxmağa icazə vermirəm. Çünki bu şərtlərə riayət etmədən, yeni əlifbanın heç bir bəhrəsi ola bilməz. Yəni oxumaq, yazmaq və kitab çap etdirmək işlərini asanlaşdıra bilməz. Ağa! Görürsünüz ki, yeni əlifba layihəsində peyğəmbərlərin şəriətinə zidd olan heç bir şey yoxdur. Çünki biz köhnə əlifbanı tamamilə tərk etmirik. Köhnə əlifba yenə də öz yerində qalır. Nəhayət, bu yeni əlifba da nəstəliq, şikəstə və reyhani kimi yeni bir xətt sayılacaqdır. Ona da “Divani” adı qoyacağıq. Bəli, əgər biz yeni əlifbanı “kafirlərin” əlifbasından götürsəydik, o zaman dedi-qoduya imkan olardı və deyə bilərdiniz ki, biz “kafirləri” niyə təqlid edirik. Halbuki biz yeni əlifbamızı özümüzün hazırkı əlifbamıza əsasən düzəltmişik. Nəhayət, burada bir qədər dəyişikliyə yol vermişik. Belə isə, artıq danışmağa nə ehtiyac vardır? Bəs necə olur ki, şikəstə xətti ilə yazanlar bütün hərflərin şəklini dəyişir və nöqtələrini tamamilə atır. Lakin heç kəs onlara bir söz demir? Amma siz ümumxalqın faydası naminə hərflərin şəklini bir qədər dəyişmək və nöqtələri atmaq istədikdə, dərhal yer-göy lərzəyə gəlir? Kufi xəttində heç bir nöqtə yox idi. İbn Muqlə kufi xəttini nəsxə çevirdi və onda nöqtələri icad etdi və bizi bu qədər böyük əzaba saldı. Çox yaxşı oldu ki, ondan elə bir günah baş verdi ki, xəlifə onun əlini kəsdirdi. Çox mümkündür ki, bəzi dargörüşlü adamlar iddia etsinlər ki, yeni əlifba ilə hüsnxət itir və guya hüsnxət yazının əsas fəziləti və çox lazımlı, birinci dərəcəli məsələsidir. Bunun cavabında demək olar ki, hüsnxət mənasız bir işdir. Hər bir xəttin gözəlliyi və fəziləti ondadır ki, mümkün qədər asanlıqla oxunsun. Bundan başqa, hüsnxət yazıya adət etməyin nəticəsidir. Hər bir xəttə adət etdikdən sonra onu gözəlləşdirmək olar. Bundan əlavə, gözəl xətlə yazmaq qabiliyyəti olan şəxslər hər hansı əlifbada yazılarsa yazsınlar, onların xətti gündən-günə artar. Bu əlifbanı mən özüm yazmışam. Ona görə də gözəl yazılmamışdır. Siz ondan bir nüsxə verin təbrizli Mirzə Şəfi Xoşnevisin şagirdlərindən bir nəfəri yazsın. O zaman görəcəksiniz ki, bu əlifbanı da gözəl yazmaq olar, ya yox? Ağa! Bu məktubda yazdığım mətləbləri təsdiq etmək üçün Melkum xanın yeni əlifba haqqında yazmış olduğu kitabçanı və fransız alimi Şarl Missmerin şərhini oxumaq lazımdır. Bunların hər ikisi mənim İstanbul səfərimdən sonra fikrimi Osmanlı dövlətinin vəzifə sahiblərinin qulağına çatdırmaq və bu fikri müdafiə etmək məqsədilə yazılmışdır. Mirzə Əsədulla xana yazın ki, hər iki əsərin surətini məndən istəsin, onların üzünü Mirzə Əlinağıya köçürtdürsün və sizin üçün göndərsin. Öz dostlarınızla təşkil olunan məclislərdə bu kitabları oxumaqdan, şübhəsiz ki, həzz olacaqsınız. Çünki Mirzə Melkum xanın kitabçası çox duzlu və məzəli yazılmışdır. Əgər yüz dəfə oxusanız, yenə də doymayacaqsınız. Mən əminəm ki, siz əmr edəcəksiniz ki, Təbriz çapçılarından biri hər iki kitabçanı çap edib, öz mənfəətlərinə satsınlar. Savadı olan hər bir şəxs bu kitabçaları alacaqdır. Vəssalam! 18 məhərrəm, 1291-ci il (7 mart 1874) Tiflisdə kolonel Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı. * * * Əzəmətli ağam! Filan ilin filan ayında mən öz böyüklərimin icazəsi və dövləti-əliyyeyi İranın baş konsulu vasitəsilə maarif naziri həzrət-əşrəf Əliqulu Mirzəyə öz tərtib etdiyim həm keçmiş, həm də yeni nüsxələrdən ibarət yeni əlifba layihəsini, habelə cənab Ruhül-qüdsün tərtib etdiyi layihəni göndərərək, xahiş etmişdi ki, Maarif Nazirliyində bu məsələni müzakirə etsinlər və nəticəni isə öz rəyləri və fikirləri ilə bərabər, mənə bildirsinlər. Bu günə qədər Maarif Nazirliyindən bu xüsusda mənə heç bir cavab yetişməmişdir. Ona görə də mən sizdən xahiş edirəm ki, haman yazıları Maarif Nazirliyindən geri alasınız... Qafqaz canişini Baş idarəsi depar- tamentinin mütərcimi, polkovnik Mirzə Fətəli Axundzadənin təhriri məruzəsi 9 aprel 1874-cü il. Tiflis şəhəri * * * Rəşidə Sevimli Rəşid! Keçən məktubda mən ananın fotoşəklini sənə göndərmişdim. İndi isə Xanbaba xanın, Nisə xanımın, Mənsur Mirzənin və Mələksima xanımın şəkillərini göndərirəm. Mənim keçən məktubumda verdiyim suallara cavab yaz və fotoşəkillərinin çatması haqqında məlumat ver. Mayın sonlarında biz Qocura gedəcəyik. İmtahanların nə vaxt başlandığını yaz. Rəşid! Mənə Brüsseldəki öz səmimi dostlarının adlarını yaz. Habelə öz professorlarınızın da adlarını yaz. İstər dostlarının, istərsə də professorlarınızın səninlə münasibəti haqqında mənə məlumat ver. Yaz görüm, prezident sənə hörmət edirmi? O, əxlaq cəhətdən necə insandır? Sən oranın universitetindən razısanmı? Sən oradakı imperator elçisinin yanında olmusanmı? Birinci dəfə pasportunu nişan verdiyin elçilik katibi ilə sonralar bir daha görüşmüşsənmi? Bu məktubda artıq yazılası heç bir şey yoxdur. Hamımız sağ və səlamətik, Ələkbərlə birlikdə vaxtımızı keçirərək, “Kəmalüddövlə”nin nəşr ediləcəyinə və ümumdünya şöhrəti qazanacağına ümid bəsləyirik. Bilmirəm mən ölüncəyə qədər bu arzuma çatacağammı? Yoxsa o da köhnə müsəlman əlifbasını dəyişmək kimi bir arzu olaraq qəlbimdə qalacaq və bu iki ümidimi həyata keçirmək məndən sonra sənin öhdənə düşəcəkdir. Sənin atan * * * Sevimli Rəşid Səbirsizlik və ruhi həyəcanla gözlədiyim 23 dekabr tarixli məktubunu aldım. Rəşid! Sənin məktubun gecikəndə mən və anan nigarançılıq və iztirab çəkməyə bilmirik. Bundan sonra həmişə öz vaxtında, məzmun olmasa da, ikicə xətdə sağ-səlamətliyin barədə bizə xəbər yaz. Əgər bu gün xeyirxah ağa Ələkbər sənin məktubunu poçtdan alıb gətirməsəydi, mən altı manat itirəcək idim; çünki Brüsselə vuracağım teleqramın qaralaması artıq yazı masamın üstündə hazır idi. Mənim tərəfimdən müsyö Qastinoya təzim edib de ki, “Müsyö Jordan” komediyası haqqında onun qənaəti ilə tamamilə razıyam. Qraf Soloqub və Q.Xanıkov da mənə demişdilər ki, bu komediya yalnız oxumaq üçün məqbuldur, lakin səhnə üçün dram şərtlərinə malik deyil. Xülasə, mən özüm də onu səhnədə oynanılmaq üçün təqdim etməmişəm. Qoy müsyö Qastino onu kitabça şəklində nəşr etmək təşəbbüsündə olsun, bəlkə oxucular üçün maraqlı oldu. Səhnə üçün mənim komediyalarımdan, belə düşünürəm, “Vəziri-Xani-Lənkəran”, “Xırsiquldurbasan” və “Hacı Qara” münasib olar; onlar Tiflisdə oynanılıbdır, bu yaxınlarda Bakıda da tamaşaya qoyulacaq. Əlifbanın Əlcəzairdə tətbiq edilməsi haqqında müsyö Qastinonun fikri tamamilə doğrudur. Mən bundan sonra bu haqda düşünmək belə istəmirəm. Nəhayət, mənim üçün bu xoşdur ki, müsyö Qastino kimi alim bir şəxs mənim fikirlərimlə eyni olan Mismerin əsərini oxuyub təsdiq etdi. “Kəmalüddövlə”nin tərcüməsi indi gözəl bir ədəbiyyatşünas olan Treskovski tərəfindən nəzərdən keçirilir. O, bu əsərlə fərəhlənir, onun üslub və orfoqrafik yanlışlıqlarını düzəldir. Tərcümə orijinalla birlikdə nəşr edilmək üçün tezliklə Peterburqda olan məşhur bir naşirə göndəriləcəkdir. Nisa xanım 26 dekabrda çox gözəl bir qız doğub hamiləlikdən azad oldu. İrzanın xəstəliyi doğrudan da qorxulu idi, lakin Lətif qayıdıb bizi sakitləşdirdi, dedi o sağalır, ancaq hədsiz dərəcədə zəifdir. İndi Rəsul İrzanın yanında qalır, o qayıdan kimi İrzanın vəziyyəti haqqında sənə doğru xəbər verərəm. Mustafa indi qərargahda, vəfat etmiş İrimsaninin yerində mütərcim işləyir, ayda yüz manat maaş alır, onun işi əla düzəldi, bütün ailəsi səlamətdir. Mən sənin sözlərini anana tərcümə edib onu sakitləşdirdim və dedim ki, sən onun yanına dərmançı deyil, yol mühəndisi gələcəksən. Biz hamımız sağ-səlamətik. Ələkbər sənə təzim edir. Yaz görüm, yeni mənzilə köçdün, ya hələ köhnə yerindəsən? Sənin atan 10 yanvar 1875-ci il, Tiflis * * * Fərhad Mirzəyə “Cami-Cəm” coğrafiya kitabını ingiliscədən farscaya tərcümə edən şahzadə Fərhad Mirzə Qacar, Nəsrəddin şahın əmisi, Məkkəyə gedərkən, 1875-ci ilin oktyabr ayında Tiflisə gəlmişdi. Görüşdüyümüz zaman islam əlifbasını dəyişdirməyin zəruriliyi barədə aşağıdakıları yazıb ona verdim: Birinci fikir: əvvəldə olduğu kimi, hərflər bitişir, erab, yəni hərəkələr hərflərin sırasına daxil edilir və bütün nöqtələr atılır. İkinci fikir: hərfləri bitişməz edib, hərəkələri onların sırasına salmaq və bütün nöqtələri atmaq yolu ilə. Üçüncü fikir: hərflərin şəkilləri bitişməyən latın hərfləri şəkilləri ilə əvəz edilir, hərəkələr hərflərin sırasına daxil edilir, yazı isə soldansağa tərəf yazılır. Bu üç fikirdən mənim zənnimcə, üçüncü fikir daha üstün və məqsədə daha yaxındır. Çünki onunla oxumaq, yazmaq və çap etmək işləri asanlaşmış olur. Əlifbanı dəyişdirmək əsla şəriətə müxalif deyildir. İbn Muqlə kufi xətti nəsx xətti ilə əvəz etdi və din alimlərindən heç birisi ona qarşı bir kəlmə də danışmadı. Köhnə əlifbanı dəyişdirmək nəticəsində, köhnə kitabların qiyməti hesabına ehtimal olunan 20 kürur zərər, bu kimi xeyir işin qarşısında mühüm bir maneə olmamalıdır. Çünki köhnə əlifbanı dəyişdirmək sayəsində, yüz kürur müsəlman, kişili-qadınlı, cəhalət qaranlığından xilas olaraq, elmin nurlu dünyasına qədəm qoyacaqdır. Yəni, varlı və yoxsul, şəhərli və kəndli, köçəri və oturaq əhali bütünlüklə az bir müddət ərzində öz ana dillərində kitabları oxuyub başa düşəcəklər. Əksinə, əgər köhnə əlifbanın dəyişdirilməsi baş tutmazsa, islam xalqları dünya durduqca biliklərdən və peşələrdən məhrum olaraq, cahillik və vəhşilik içərisində qalacaqdırlar. Necə ki, hicrətdən bu günə qədər qalmış və özlərini avropalıların rişxənd və istehza oxlarına hədəf etmişlər. Yazıb-oxumağın çətinliyi üzündən bizim uşaqların əksəriyyəti dərs oxumaqdan bezikir və məktəbdən qaçırlar. Yazıq uşaqlarımız 15 il, hətta 20 il müddətində belə, mükəmməl savad sahibi ola bilmirlər. Halbuki avropalıların uşaqları bircə il ərzində savadlanıb, 5-6 il oxuduqdan sonra elmləri mükəmməl öyrənirlər. Savad öyrənmək və elmlərə yiyələnmək işindəki maneələrin səbəbi köhnə əlifbamızın çətinliyi deyilsə də, bəs nədir? Qoy islam xalqlarının ağıllı başçıları belə bir səbəbi göstərsin və sonra onu aradan qaldırmaq fikrinə düşsünlər. Köhnə əlifbanı dəyişdirmədən əvvəl, islam ölkələrində heç cür yeni tənzimat və heç cür siyasi qanunlar nəticə verə bilməz və müsəlman xalqlarının tərəqqisinə nail olmaq mümkün olmaz. Çünki hər cür tənzimat və qanun elmə əsaslanmalıdır. Nə qədər ki əhali, kişili-qadınlı, Prussiya, Amerika və Avropanın digər ölkələrinin əhalisi kimi bilik və savad sahibi olmamışdır, tənzimat və qanunların mənasını anlamayacaqdır. Onları qəbul və icra etməyə qabil olmayacaqdır. Ona görə də islam ölkələrinin padşahları, köhnə əlifbanı dəyişdirmədən və bütün öz təbəələri arasında elmləri və bilikləri yaymadan, tənzimat və yeni qanunların tətbiqi barədə əbəs yerə zəhmət çəkməməlidirlər. Bundan sonra yazmışdım ki, kəlməsinin on cür oxunması ehtimalı vardır. Necə ki, əlifbanın dəyişdirilməsi haqqındakı kitabçada ətraflı surətdə yazmışam. Ərəb dilində isə bu ibarəni yazmışdım: Bir də bu şeri yazmışdım: Farsca isə bu ibarələri yazmışdım: Bu ibarə iki cür tərcümə olunur: 1. Qulamhüseyn bu gün şahzadənin evinə getmişdi. 2. Qulamhüseyn bu gün şahzadənin evinin qapısını süpürmüşdür. (Yenə də mətn müxtəlif oxunur və müxtəlif tərcümə edilir). 1. Bir kor gördüm ki, məni görüb dayandı və bilmədi ki, dalındakı kordur. Dedim Allaha pənah, məgər kordur, ya elə bilir ki, mən koram. Bir gur gördüm ki, məni görüb dayandı və bilmədi ki, dalındakı kordur. Dedim Allaha pənah, bu kordur, ya elə bilir ki, mən koram. Fərhad Mirzə ərəbcə ibarələri düzgün oxudu. Görünür ki, bunları əvvəlcədən eşitmişdir. Çünki mən həmin ibarələri əlifbanı dəyişdirmək haqqındakı kitabçamda yazıb Tehrana göndərmişəm. Ancaq farsca ibarələri oxuyarkən səhv etdi. Dedim: – Şahzadə! Bu əlifba ilə yazılmış fars dilimizi düzgün oxuya bilmirik. Bəs əcnəbi xüsusi adlarını, şəhərlərin, yerlərin və ölkələrin eşitmədiyimiz adlarını necə oxuya bilərik? Cürbəcür və müxtəlif elmləri və fənləri şərh və izah edən qəribə kəlmələri və istilahları bu zalım əlifba ilə tələffüz etmək və onları öyrənmək necə mümkün ola bilər? Bizim əlifbanın bu qədər açıq-aşkar nöqsanlarını inkar edən hər bir şəxs hər cür şərəf, ağıl və sağlam düşüncədən məhrum olmalıdır. Dedi: – Mən bütün bunları ətraflı surətdə öz zəfərnaməmdə yazıb çap etdirəcəyəm. Dedim: – Elə isə sizin səfərnaməniz, heç olmazsa, faydalı bir əsər olar. Daha içində ata minmək, kalyaskada yol getmək, şikarla məşğul olmaqdan başqa mətləblər yazılmayan şahın səfərnaməsinə oxşamaz. Şahın səfərnaməsinin mənasız olduğu barədə bu sözləri eşidərkən, Fərhad Mirzə zahirən pərt oldu və yarım dəqiqəliyə fikrə getdi. Sonra başını qaldırıb dedi: – Mirzə Fətəli, mənim səfərnaməmi bu cür tərif etməməliydin! Mən dinmədim. Başqa əlacım da yox idi. Söz ağzımdan çıxmışdı. Lakin elə zənn edirəm ki, Fərhad Mirzə mənim onun səfərnaməsini şahın səfərnaməsindən üstün tutduğumdan qəlbən şad idi və zahirdə bu cür üstünlük üçün özünü pərt göstərməyə məcbur oldu. Çünki İran konsulu da həmin məclisdə oturub bizim söhbətimizi dinləyirdi. Mirzə Fətəli Axundzadə * * * Həsən bəyə Mərhəmətli cənab Həsən bəy! Sizin 5 aprel tarixli məktubunuzu aldım. Göndərdiyiniz elanlardan Şeyxülislama və müftiyə – hərəsinə 25 nüsxə verdim. Onların hər ikisindən sizin mənə yazdığınız məktubda ifadə etdiyiniz xahişinizi yerinə yetirməyi rica etdim. Bunun nəticəsini onlar özləri sizə yazacaqlar. Mənə göndərilən elanlara gəlincə, onlardan on dənəsini mənim xahişimə əsasən, buradakı İran konsulu cənabları qəbul etdilər. Beləliklə, siz on nəfər abunəçinin pulunu oradan alacaqsınız. Qalan 15 elana gəlincə, onlar hələlik məndədir. Mən nəzərdə tutmuşam ki, savadlı tanışlarıma təsadüf etdikdə, bu elanlardan onlara təqdim edərək, sizin qəzetinizə abunəçi olmalarını xahiş edim. Qəzetinizin şriftindən mən fövqəladə razıyam. Ancaq sizin azərbaycanca məktubları hazırlayan mühərrirdən çox narazıyam. O, Azərbaycan dilini bilmir. Buna görə də kiçik bir elanda bir çox bağışlanmaz səhvlərə yol vermişdir. Həmin bu mühərriri ərəb qrammatikasını bilən, fars və türk dillərinə bələd olan başqa bir savadlı adamla əvəz etmək lazımdır. Sizin qəzetinizin əsas məziyyətlərindən biri ifadənin gözəlliyi, ibarələrin zərifliyi və aydınlığı, orfoqrafiyanın düzgünlüyü olmalıdır. Çünki sizin qəzetiniz başqa məsələlərlə yanaşı, Azərbaycan yazısını düzgün olmayan ifadələrdən təmizləməyə çalışmalı, bu dildə yazan bütün adamlar üçün nümunə olmalıdır. Orfoqrafiyaya gəlincə, sizin gələcəkdə təyin etdiyiniz mühərrir mənim Azərbaycan dilində olan komediyalarımın orfoqrafiyasına riayət etməlidir. O, xüsusilə bilməlidir ki, Azərbaycan dilində “nuni-səğir” hərfi adlanan xüsusi bir hərf vardır. Şamaxı qəzasının əhalisi bu hərfi tamamilə unutmuş, hətta onun varlığına dair məlumatları belə yoxdur. Bu hərfin yerinə onlar adi “nun” (n hərfi) işlədirlər. Mən elanda olan bütün səhvlərin altından qırmızı karandaşla cızıqlar çəkib, onlardan bir nüsxəsini tanış olmaq üçün sizə göndərirəm. Mən sizin qəzetinizdə əməkdaşlıq etməkdən boyun qaçırmıram. Qəzetinizin proqramını mənə göndərin. Səmimi ehtiram və sədaqətlə, Sizin Mirzə Fətəli Axundzadə 21 aprel 1875-ci il. Tiflis şəhəri * * * Mirzə Melkum xana “Kəmalüddövlə” çapdan çıxandan sonra Melkum xana yazacağım məktubun surəti Mənim əzəmətli qardaşım! Ey mənim kimi qəmlərə mübtəla olan, arzusuna çatmayan, arzusunun oxu heç bir yerdə hədəfə dəyməyən və öz müasirlərinin qabiliyyətsizliyindən və anlamazlığından təngə gələn! Nəhayət, “Kəmalüddövlə”nin rusca tərcüməsi çapdan çıxdı. Fransızca, almanca və ingiliscə tərcümələri də hazırdır. Hələlik, “Kəmalüddövlə”nin rusca tərcüməsindən bir nüsxə sizin üçün göndərdim. Görəcəksiniz, “Əlavələr”də sizin öz yazılarınızdan bəzi şeylər də yadigar olaraq daxil edilmişdir. Mənim qəmlərə mübtəla olan qardaşım! Yadındadırmı ki, əlifba məsələsini nə mən həyata keçirə bildim, nə də siz? Bu necə məxluqdur ki, sayı 200 milyona çatır, lakin içərisində elə bir adam yoxdur ki, əlifba haqqında mənim və sizin fikrinizin şəriki olsun! Mənim bu məktubumun surətini bir kitabçaya köçürüb saxlayın! Barı, qoy gələcək nəsil bilsin ki, mən və siz bu xüsusda nə qədər zəhmətlər çəkmişik, lakin səyimiz heç bir nəticə verməmişdir. Bəlkə onlar bizim bu arzumuzu həyata keçirsinlər. Lakin mənim onlara da ümidim yoxdur, çünki onların özü də bizim müasirimiz olan bu eşşəklərdən əmələ gələcəkdirlər. Xudahafiz! Sizə səmimi olan Mirzə Fətəli * * * Mirzə Yusif xana 1875-ci il noyabrın 8-də Təbriz naibül-vəzarəsi cənab sərtip Mirzə Yusif xana yazdığım məktubun surəti Əzəmətli ağam! Səadətiniz daimi olsun! Əziz məktubunuz çatdı. Kitablar da poçtdan alındı. “Yek kəlmə”dən bir nüsxə Şeyxülislama verdim. Digər nüsxəni isə Berje Sahibə tapşırdım. Berje Sahibin özü, sizin Hcı Mirzə Ağası haqqında ikinci məktubunuz və rus Samsam xanın şəkli çatdıqdan sonra sizə məktub yazacaqdır. Xahiş edir ki, Samsam xanın şəklini tapmaq yolunda ciddi səy göstərib, bununla da onu sonsuz dərəcədə minnətdar edəsiniz. Əziz qardaşım Mirzə Cəfər Qərəcədağinin hədiyyəsi də yetişdi. Razılığımı bildirib, ona afərinlər söyləyirəm. Türkcə “Təmsilat”ı çox yaxşı tərcümə etmişdir. Bunun hamısı Dərəvürd çayı suyunun bərəkətindəndir ki, o da mənim kimi ondan içmişdir. Ancaq kitabın çapı o qədər də xoşuma gəlmədi. “Yek kəlmə”nin çapı onun tərcüməsinin çapından yaxşıdır. Allahdan istəyim budur ki, əvvəla, Mirzə Cəfərə sağ-səlamətliklə keçən təbii ömür əta etsin! İkincisi, onu xoşbəxt və müvəffəq etsin ki, o, bu qiymətli sənətə xalqımız arasında şöhrət qazandırdı. Üçüncü isə, böyük ağam olan sizdən xahiş edirəm ki, ona kömək edəsiniz. Yəni öz dostlarınızdan və tanışlarınızdan xahiş edəsiniz ki, Mirzə Cəfərin tərcüməsini alsınlar ki, o da öz zəhməti müqabilində mükafatdan məhrum qalmasın. Çox istəyirəm ki, savad və zövq sahibi olan gənclərimiz öz qələmlərini bu qiymətli fənn sahəsində işə salıb istedadlarını sınasınlar ki, bəlkə bu cür əsərlər get-gedə bizim xalqın içərisində də geniş yayılsın. Roman yazmaq da, avropalıların istilahınca, dram adlanan bu kimi əsərlər növündəndir. Təəssüf ki, bizim xalqımız bu fəndən hələ tamamilə xəbərsizdir. Hətta “Cami-Cəm” kitabının mütərcimi şahzadə Fərhad Mirzə Məkkə ziyarətinə getdiyi zaman Tiflisdən keçərkən mənə dedi: – Mirzə Fətəli, “Tarixi-Aləmara”da Yusif Sərracın hekayəsi sənin yazdığın qədər müfəssəl deyildir. Sən nə üçün o qədər təfsilatı əlavə etmişsən? Mən ona dedim: – Şahzadə! Mən məgər tarix yazmışam ki, təkcə baş verən hadisələri yazmaqla kifayətlənim. Mən kiçik bir məsələni əlimdə vasitə edib, öz təfəkkürümlə onu genişləndirərək, o dövrün nazirləri və dövlət başçılarının puçbeyinliyini açıb göstərmişəm ki, gələcək nəsillər üçün ibrət dərsi olsun və onlar səfeh münəccimlərin sözlərinə və xəbərlərinə inanmasınlar; özlərini bu kimi hərəkətlərlə əcnəbilərin nəzərində məsxərə hədəfi etməsinlər. Bu cür əsərlərə roman deyirlər ki, dram sənətinin ayrıca bir növüdür. Bu cavabdan sonra Fərhad Mirzə susdu və məlum oldu ki, avropalıların ədəbi əsərlərinin qayda və üslubundan onun da xəbəri yoxdur. Rühul-qüdsdən heç xəbərim yoxdur. Nə işdədir, vəziyyəti necədir? Heyif ki, o, Tehrandan uzaqlaşdı. Onun Londonda olmasından bizə və hətta onun özünə dünyəvi mənfəətdən başqa nə xeyir vardır? İranda tək bircə nəfər hikmət sahibi yazıçı meydana gəlmişdi, təəssüf ki, onun da qədrini bilməyib, Londonda həbs etdilər. Onun vəzifəsi məgər səfirlikdir? Onun vəzifəsi öz bilik və arzularını qələmə almaqdır. Əgər o, Tehranda qalsaydı, ehtimal etmək olardı ki, onun səyi nəticəsində bəlkə də islam əlifbasını dəyişdirmək mümkün olardı. Əgər Ağa Seyid Həsən Təbrizdədirsə, məndən ona salam söyləyin! Əziz dostum Hacı Mehdiyə salam yetirirəm. Həmişə sizin və gözümüzün işığı Hüseyn xanın adını xeyir-dua ilə yad etməklə ağzımı şirinləşdirirəm. Sizə ixlası olan Mirzə Fətəli Axundzadə * * * Manukciyə Manukci Sahibə Mənim əziz və mehriban dostum Manukci-Limci Sahib! Allah ömrünüzü uzun etsin! Birinci, sizin fərəhartıran məktublarınız mənə çatdı. Sonsuz sevincimə səbəb oldu. İkinci, sizin iki cild kitabdan ibarət olan hədiyyəniz də çatdı. Onlardan biri özünüzün tərcümeyi-halınızdır. İkincisi isə “Əncümən-arayehuşəng-Nasiri” lüğətidir. Bu əsərlər mənə Azərbaycanın nayibülvəzarəsi Mirzə Yusif xan vasitəsi ilə çatdı. Sizin tərcümeyi-halınızı bilərək, təəssüflər etdim. Nə etməliyik? Təqsir bizim ata-babalarımızdadır ki, nifaq işini əvvəlbaşdan özlərinə peşə etmişlər. Bunun nəticəsində həmrəyliyin və ittifaqın olmadığına görə yadellilərin hücumunu dəf etməkdən aciz qalaraq, özlərinin behişt misli olan vətənlərini düşmənə təslim edib, dinlərini və dövlətlərini onların ixtiyarında qoymuşlar. Qeyrətsizliyin və uzaqgörməməzliyin nəticəsində 1290 ildir ki, öz övladlarını sonsuz müsibətlərə və bəlalara düçar etmişlər. Onların övladlarından biri də sizsiniz ki, ömrünüz boyu yadların ardınca gedənlərin əlindən bu qədər müsibətlər çəkib, həmişə qan udmuşsunuz. Təbiət qanununun hökmünə görə başlanğıcı olan hər bir şeyin sonu da olmalıdır. Yadların ardınca gedənlərin hakimiyyət dövrünün başlanğıc və orta dövrü keçmişdir. İndi onun son dövrüdür. Sağlıq olsa, yaxın gələcəkdə vətənimiz yadların ardınca gedənlərin mənhus vücudundan təmizlənəcəkdir! Yurdumuz yenidən gülüstana çevriləcək və keçmiş zamanlarda olan ədalət yenidən ehya olunacaqdır. Təəssüf ki, bizim ömrümüz o gözəl və səadətli günləri görməyə vəfa etməyəcəkdir. Lakin yəqin ediniz ki, o günlər gələcək və bizim övladımız o günlərin bəhrəsini görəcəkdirlər. “Əncümənaraye-huşəng-Nasiri” lüğətinə görə sonsuz minnətdarlığımı sizə bildirirəm. Mən bir çox illərdən bəri belə bir lüğət axtarırdım. İndi sizin mərhəmətinizdən arzuma nail oldum. Sizdən bir neçə sualım da vardır: Birinci – Həzrət Zərdüştün dinində də islam dinində olduğu kimi, müxtəlif məzhəblər vardır, ya yox? Əgər belə məzhəblər varsa, neçədir və onların baniləri kimlərdir? O məzhəblərin adları nədir və daha çox tərəfdarları olan ən məşhurları hansılardır? İkinci – siz bu məzhəblərdən hansına mənsubsunuz? Üçüncü – siz şəxsən tərəfdarı olduğunuz məzhəbin baş alimi, yəni ruhanisinin ləqəbi nədir, möbiddir, muğdur, ya başqa bir şeydir? Dördüncü – siz özünüz mənsub olduğunuz məzhəbin hal-hazırda ən məşhur və ən bilikli alimləri kimlərdir və harada yaşayırlar? Sizinlə onun arasında tanışlıq və dostluq vardır, ya yox? Beşinci – Həzrət Zərdüştün istər Hindistanda, istərsə də dünyanın başqa yerlərində olan tərəfdarlarının sayı neçə milyon ola bilər? Bu sualların cavabını tezliklə mənə yazmağınızı xahiş edirəm. Bundan sonra mənə məktub yazarkən, birbaş Azərbaycanın naibülvəzarəsi Mirzə Yusif xanın ünvanına göndərin ki, o, çox asanlıqla və tezliklə mənə çatdıracaqdır. İndi öz şəklimdən bir dənəsini yadigar olaraq sizə göndərirəm. Əgər sizin də şəkliniz varsa, mənə göndərin ki, mənim üçün çox əziz bir hədiyyə olacaqdır. Öz şəklimdən birisini də sizə göndərirəm və xahiş edirəm ki, onu çoxlu salamla sizin Hindistandakı dostunuz və tanışınız olan ən məşhur və bilikli alimə yetirəsiniz. Ondan cavab aldıqda, ya eynilə və ya da tərcüməsini mənə göndərəsiniz. Mənim dilimdən nəvvab, əşrəf-əmcəd, alinəsəbli şahzadə Etizadüs-səltənəyə salam yetirib deyiniz ki, nə qədər ömrüm var onu mədh edəcəyəm, şəxsən ona səmimiyyət və inamdan başqa xüsusi məhəbbətim də vardır. Sizin dostunuz kolonel Mirzə Fətəli Axundzadə Yanvar 1876-cı il. Tiflis * * * Manukciyə Manukci Sahibə Əziz və mehriban dostum Manukci Sahib! Allah iqbalınızı daimi etsin! Bu ilin rəbiəl-əvvəl ayının 28-də yazdığınız məhəbbət məktubunuz yetişdi. Böyük şadlığıma səbəb oldu. Pak Allahdan bircə arzum vardır ki, əcəl mənə o qədər aman verəydi ki, bir-birimizi görəydik. Lakin bilmirəm, mən bu arzuma çata biləcəyəm, ya yox? Çünki qocalmışam, yaşım 65-ə çatmışdır. Saçım-saqqalım tamamilə ağarmışdır. Lakin sağlamlığım və bədənimin qüvvəsi hələ də qalır. Gözlərim yaxşı görür, vücudum sağlamdır. Bircə arzum vardır ki, 11 il də yaşayaydım və halhazırda Avropada Belçika ölkəsinin paytaxtı olan Brüssel şəhərində mühəndislik elmini öyrənən yeganə oğlum Mirzə Rəşidin təhsildən qayıtmasını görüb, ona özüm toy edəydim, ondan sonra “Kəmalüddövlə”ni və bundan əlavə 20 başqa əsərimi gələcək nəsil üçün yadigar qoyaraq, bu fani və puç dünyanı tərk edəydim. Qoy, gələcək nəsil “Kəmalüddövlə”nin məzmununa əməl etsin və məhvi yolunda illər uzunu çalışdığım köhnə islam əlifbasını da dəyişdirsin! Bir oğlumdan başqa bir də Nisə xanım adlı qızım vardır ki, şahzadə Bəhmən Mirzənin oğlu Xanbaba xana ərə vermişəm. Qızımın əri bizim imperatorun ordusunda xidmət edir. Xoşəxlaq, savadlı, təmiz cavanlardan biridir. Günah işlərin və bəd əməllərin yanından belə ötməz. Mənim kimi o da mütləqa şərab içməz, həmişə Tiflisdə yaşayır. Öz evimdə ona bir neçə otaqdan ibarət mənzil ayırmışam. Qızımdan və həmin Xanbaba xandan iki nəvəm vardır. Böyüyü oğlandır. Adı Mənsur Mirzədir, altı yaşı vardır. Kiçiyi isə Mələksima xanım adlı qız uşağıdır. Siz də yazın görüm, oğlanlı-qızlı neçə uşağınız vardır, onların adı nədir və əlavə edin görüm, ailəniz hal-hazırda haradadır və özünüzün neçə yaşınız vardır. Farsca yazıları özünüz yazıb-oxuyursunuz və ya katibiniz vardır? Bundan başqa, mənim səmimi salamımı dəsturi-əzəm Pəşutənci Bəhramciyə yetirin və deyin ki, qiyabi olaraq mən ona hörmət bəsləyirəm. Əgər o, mənim şəklimi alması barədə sizə cavab yazarsa, məktubun əynini və ya surətini mənim üçün göndərin. “Kəmalüddövlə”ni çap etdirmək uğrunda çalışıram və ümidim vardır ki, “Kəmalüddövlə” Fransada çap ediləcəkdir. Çapdan çıxan kimi, əlbəttə, ondan sizə yüz nüsxə göndərəcəyəm. Tiflisdə fars dilində mətbəə olmadığına görə, burada Şərq kitablarını çap etdirmək mümkün deyildir. “Dəsatiri-farsiyan” nüsxəsi indiyə qədər nəzərimə çatmamışdır. Təvəqqe edirəm, onun fars dilinə tərcüməsi mənə göndərin! “Əncümənara” kitabı misilsiz hədiyyədir. Onu oxumaqdan ləzzət aparıram. Əgər “Dəsatir” kitabını da göndərsəniz, sizə sonsuz dərəcədə minnətdar olaram. Sizin tərcümeyi-halınız məndə vardır. Onu oxuyarkən mənim ürəyim qana dönür və təəssüf edirəm. Lakin nə edə bilərəm? Bu kimi müsibətlərdən Azərbaycanda mənim atam mərhum Mirzə Məhəmməd Təqinin başına çox gətirmişlər. Zülm həddini aşıbdır. Nə edim ki, pak Allah bunların hamısına dözür. Səbrdən başqa əlacımız yoxdur. Bizim nakam sirdaşımız olan şahzadə Cəlaləddinə minlərcə dəfə heyif olsun! Sizin və sizin xalqın dostluğunda həmişə sadiq qalacağam. 18 may, 1876, Tiflis * * * Tehran seyidləri və əşrafından birinə [Tehran seyidləri və əşrafından biri ilə müsahibə] 1876-cı ilin may ayında Tehranın seyidləri və əşrafından və şahın xüsusi katibi olan... adlı bir şəxs ki, çox qanacaqlı və mükəmməl savadlı bir adam kimi görünürdü, Məkkə səfərindən qayıdıb, Tiflisdəki İran konsulu Mirzə Əsədulla xanın evində mənzil etmişdi. Məndən xahiş etdi ki, yeni əlifbanın bir nüsxəsini ona verim. Odur ki, əlifbanın surətini yazıb, bu bəyanatı da səhifənin aşağısına əlavə etdim. Bəyanat belədir: Əgər bu yeni əlifba tətbiq olunarsa, müsəlman uşaqları bu əlifba ilə təhsilə başlayarlarsa, onlar bircə aydan sonra farsca, ərəbcə və türkcə olan bütün islami kitabları oxumağa qadir olarlar. Belə olarsa, islam xalqına böyük bir nemət nəsib olar. Yəni, bundan sonra bütün müsəlmanlar içərisində istər kişilərdən və istərsə də qadınlardan bir nəfər belə savadsız adam tapılmaz. Bu yeni əlifbanın ixtiraçısı olan kolonel Mirzə Fətəli Axundzadə heç vaxt təkid etmir ki, mütləq onun tərtib etdiyi hərflərin şəkilləri yeni əlifbada dəyişməz olsun. O bildirir ki, müsəlman xəttatlarının tam ixtiyarı vardır ki, bu hərflərin şəkillərini qismən və ya bütünlüklə daha gözəl və xoşagələn hərflərlə əvəz edib, bu barədə dövlətə və xalqa öz fikirlərini bildirsinlər. O zaman xəttatlardan hansının düzəltdiyi əlifba hərfləri qəbul və təsbit olunarsa, bütün xalq onu tətbiq edə bilər. Lakin xəttatlardan heç birinin buradakı əsas məqsədə, yəni savad öyrənməyin asanlaşdırılması məsələsinə xələl yetirməyə ixtiyarı olmamalıdır. Əsas məqsədin şərtləri bunlardır: Birinci – bütün samit hərflər bitişik deyil, bitişməz olmalıdır. Onlar ancaq ayrı-ayrılıqda sait hərflər, yəni hərəkələrdə bitişə bilərlər. İkinci – hərflərdəki bütün nöqtələr atılmalıdır. Hərflərdən hər birisi digərindən nöqtələr vasitəsilə deyil, xüsusi və vahid şəkil ilə ayrılmalıdır. Üçüncü – sait hərflər, yəni hərəkələr həmişə samit hərflərlə bir sırada, onlarla bitişik yazılmalıdır. Çünki islam yazısının çətinliyinin səbəbi birinci növbədə samit hərflərin biri digərinə bitişməsindədir ki, nəticədə hər hərfin dörd şəkli meydana çıxmışdır. Bunlar sözlərin tərkibində hər an başqa bir şəklə girib, uşaqları çaş-baş salır. Digər tərəfdən isə nöqtələrdir ki, yazının gec yazılmasına və hərflərin biri digərilə qarışıq düşməsinə səbəb olur. Məsələn, təzə oxumağa başlamış uşaq (qızlar) və (bitki) olduğunu təyin edə bilmir. Nəhayət, hərəkələrin yazılmamasıdır ki, yazımızın uşaqlar üçün ən şiddətli çətinliyi də buradan doğur. Məsələn, təzə oxumağa başlamış uşaq kəlməsini gördükdə, bilmir ki, o (kərd) yəni etdi, ya gərd (toz), ya gerd (dövr) və ya (pəhləvan) və ya (kürd), yəni kürdlərin tək halındakı şəklidir. Bundan başqa, uşaqlar yenicə yazıb-oxumağa başladıqları bütün müddət ərzində kəlmələrin faəl-fel, eynəl-fel və laməl-fel hərəkələrinin tələffüzündə səhv edirlər. Daima sakin hərfi hərəkəli və hərəkəli hərfi isə sakin oxuyurlar. Kolonel Mirzə Fətəli Axundzadə * * * Mirzə Mustafaya Gözümün işığı Mirzə Mustafa, Allah ömrünüzü uzun eləsin! Cəmadiəssaninin 29-da yazılmış əziz məktubunuz yetişdi və hədsiz sevincimə səbəb oldu. Sizin əhvalınızdan xəbər tutduğumdan çox şad oldum. Mənim şəklimi istəmişdiniz, həmin məktubun içərisində göndərirəm. Mənim sizə birinci nəsihətim budur ki, bütün iş-gücünüzdən əl çəkib, üç il tamam, ara vermədən, mümkün olan bütün vasitələrlə fransız dilində biliyinizi mükəmməlləşdirməklə məşğul olasınız ki, ancaq bundan sonra dünyanın nə olduğunu görəcək və öz ömrünüzdən bəhrə götürəcəksiniz. Siz hələ gəncsiniz. Bu yaşda dil öyrənmək tamamilə mümkündür. Ancaq buna hümmət lazımdır. İkinci – əziz qardaşım Mirzə Əlinağı dadaşa yazın ki, mənimlə tanış olmuşsunuz, məktublaşırsınız və mən öz şəklimi sizə göndərmişəm. Mənim dilimdən də ona salam yetirin və hər vaxt ondan cavab gələrsə, mənə bildirin! Üçüncü – kafirliyi və xəbərsizliyi özünüzə din və əqidə kimi qəbul etməyin! Kafirlik, yəni haqqı inkar etmək, xəbərsizlik, yəni qəflətdə olmaqdır. Bunların hər ikisi mənim zövqümə və məsləkimə zidd olan şeylərdir. İnsan nə haqqı inkar etməli, nə də mərifət aləmindən bixəbər olmalıdır. “Xəbərsizlik aləmi – qəribə behiştdir” deyənlər cəfəng danışmışlar. Ata-babaların məzhəbindən qaçmağın da lüzumu yoxdur. Zahirdə öz həmməzhəblərimizlə qardaşcasına yola getməliyik; batində isə haqq yolunun yolçusu olmalıyıq. Dördüncü – yazmışsınız ki, sərkar dadaşın nəfəsindən siz də pay almışsınız və həm də əvvəldən də sanki qəlb eviniz ürfan nurundan xali olmamışdır. Buna görə də sizi imtahan etmək istəyirəm və Mollayi- Ruminin bu iki beytini izah etməyi sizdən tələb edirəm. Əlbəttə, nə cür anlasanız, o cür də yazıb göndərin. Beytlər bunlardır: “Elə ki, rəngsizlik rəngə əsir oldu, Musa ilə Musa müharibəyə başladı. Elə ki, əvvəlki rəngsizliyə çatdılar, Musa Firounla barışdı”. Beşinci – Təbriz ziyalılarından hər kəsə rast gəlsəniz, deyin ki, islam xalqlarının əlifbası nöqsanlıdır və müsəlman xalqlarında oxumağı çətinləşdirən əsas səbəb də bu uğursuz əlifbadır. Bu zalım əlifbanın sayəsindədir ki, seçmə fərdlərdən başqa bütün müsəlman xalqları savaddan məhrumdurlar. Bu əlifba mütləq dəyişdirilməlidir və dəyişdirilmə yolu da bunlardır: Birinci, sözlərin tərkibindəki bitişik hərflər bitişməz hərflərlə əvəz edilməlidir. Yəni hər bir hərfin həm kəlmənin əvvəlində, həm ortasında, həm axırında, həm də ayrılıqda dörd cür şəkli deyil, təkcə vahid bir şəkli olmalıdır. Məsələn, hərfi kəlmənin başında, ortasında, axırında şəklində, ayrıca yazılanda isə şəklində yazılırsa, bu dörd şəkil əvəzinə ancaq bircə vahid şəkil olmalıdır. İkinci, sait hərflər, yəni hərəkələr, məsələn, – fəthə, zəmmə və kəsrə başqa xalqların yazılarında olduğu kimi, samit hərflərin sırasında, yəni yanında yazılmalıdır ki, uşaqlar onları gözü ilə görsün və qiraətdə səhvə yol verməsinlər. Üçüncü, yazının gec yazılmasına və sözlərin qarışıq düşməsinə səbəb olan nöqtələr tamamilə hərflərdən atılmalıdır. Hazırda uşaq bilmir ki, bu söz, yəni (bənat) qızlardır və ya (nəbat) yəni otlardır. Və ya kəlməsi; (nəbi) yəni peyğəmbərdir və ya (bəni) yəni övladdır. Gərək hər bir hərf öz xüsusi şəkli ilə başqa hərfdən seçilsin. Hərəkələr öz xüsusi şəkilləri ilə yazılmazsa, qarşıda yüz cür çətinlik və əngəl duracaqdır. Məsələn, uşaq bu sözü bilmir ki, (kərd), yəni fel – etdi oxusun, (kord), yəni pəhləvan oxusun, (gərd), yəni toz və ya (gerd), yəni dövrə (kürd), yəni kürdlərin təklik halı kimi oxusun. Misal üçün üç kəlmə yazıram: ‘ ‘ Qoy xəttatlar yığışıb bir məclis qursunlar, samit və sait hərflər üçün yeni şəkillər ixtira edib, təzə bir əlifba yaratsınlar; islam xalqını bədbəxtlikdən xilas edib, dünyada əbədi və ölməz bir ad qoysunlar! Sizi görmək şövqündə olan Mirzə Fətəli 1876-cı il Qocur yaylağı * * * A.P.Berjeyə 21 oktyabr 1876, Tiflis Pərəstiş etdiyim Adolf Petroviç! Mən sizin töhmətinizi almaq şərəfinə nail oldum. Fars şeri ilə desəm: “Sevgilinin dilindən söyüş eşitmək də xoşdur”. Mən elə bildim ki, Vaqifin astrologiya macərasını sizə təfsilatı ilə yazmaqla məktub yazmaq borcumu yerinə yetirmiş oluram. Görünür, yanılmışam, gərək sizə xüsusi bir məktub da göndərəydim, həm də ona görə ki, siz öz məktubunuzla məni yad etmişdiniz. Amma qoy xidmətlərim – hər həftə tatar (Azərbaycan – H.M.) şairlərindən tərcümələri onların tərcümeyihalı ilə birgə sizə göndərməyim mənim günahımı yusun. Biz hamımız sağ-səlamətik. Mənim hörmətli dostum Vasili Semyonoviç səylə arxiv işlərini nəzərdən keçirməkdədir və inanıram ki, sizin yeni ildən yeddinci cildi başlamağınız üçün imkan yaranacaqdır. Biz sizin gəlməyinizi səbirsizliklə gözləyirik. Bu məktubu qurtaran kimi mən şairlərin tərcümeyi-halı haqqında Molla Hüseynin bu gün tatar (Azərbaycan – H.M.) dilində göndərməli olduğu mətni tərcümə etməyə başlayacağam. Qulluğunuzda hazır olan müxlisiniz, Sizin Mirzə Fətəli Axundzadə * * * Həsən bəyə Bizim əzizimiz və gözümüzün işığı Həsən bəy! Sən hər qəzetində biz müsəlman tayfasına elmin fəzilətini və səməratını zikr edib, bizə hey təklif edirsən elm öyrənin, elm öyrənin!.. Çox yaxşı, sözün baməna və nəsihətin mufid və xeyirxahlığın sabit. İndi biz hazırıq ki, sənin nəsihətini əmələ gətirək. Bizə de görək, elmi harada öyrənək və kimdən öyrənək və hansı dildə öyrənək? Əgər şəhərlərdə öyrənək, şəhərlərdə məktəbxanalar yoxdur. Əgər külli-şəhər xalqı padşahlıq məktəbxanalarda oxusalar, yer tapılmaz. Deyəcəksən ki, özümüz şəhərlərdə məktəbxanalar bina edək. Çox yaxşı. Hansı istitaətlə? Bərfərz ki, etdik, müəllimləri haradan alaq? Türki və farsi və ərəbi dillərində bilən müəllimlər yoxdur və bu dillərdə elm kitabları yoxdur. Pəs necə edək? Deyəcəksən ki, rus dilində oxuyun, öyrənin! Çox yaxşı, şəhərlərdə məktəbxanalar açdıq, rus dilində elm öyrənməyə başladıq. Aya, ünas və kənd əhlimiz necə etsinlər? Kəndlərdə də məktəbxanalar açaq və müəllim gətirək, ya yox? Əgər deyirsən açın, insaf elə, hansı istitaət ilə və hansı qüdrət ilə? Dövləti-qəviyyəyi-Rusiyyə bu istitaət və qüdrət ilə hələ kəndlərdə məktəbxanalar bina etməyibdir. Biz füqəra necə edək? Əgər deyirsən ki, kənd əhli qalsın, ancaq şəhər xalqı elm öyrənsin, onda sənin muradın əmələ gəlməz. Bir gül ilə bahar olmaz. Şəhər xalqı kənd əhlinə nisbət qətrədir dəryaya nisbət. Elmin mənfəəti o surətdə zahirdir ki, kafeyi-nas, prus xalqı kibi və Yengidünya xalqı kibi, ünasən və zükurən elmdən bəhrəyab ola. Pəs bica yerə bizə tənə etmə. Əl çək bizim yaxamızdan! Buna ancaq şakir ol ki, dövləti-Rusiyyənin təhtihimayətində keçən zəmanələrin qoşunkeşliyindən və çapqınından azad olub, asayiş tapmışıq və zindəganlıqdan razıyıq. Elm öyrənməyə istitaət gərək, ittifaq gərək, vəsilə gərək. Əvvəla, istitaətimiz yoxdur, səbəbini izhar etməyə cürət yoxdur. İttifaqımız da yoxdur. Qafqaz səfhəsində sakin olan müsəlmanların yarısı şiədir, yarısı sünni. Şiələrin sünnilərdən zəhləsi gedir, sünnilərin şiələrdən. Heç biri bir-birinin sözünə baxmaz, ittifaq haradan olsun? Vəsiləmiz dəxi yoxdur. Ondan ötrü ki, türki və farsi və ərəb dillərində on beş ilin müddətinədək ancaq bir yarımçıq savad kəsb etməyə qadirik. Əgər müttəsil oxusaq, aya, bu dillərdə elmi necə öyrənək? Sənin sözünə qoy osmanlılar və qızılbaşlar baxsınlar. Pəs olar niyə elmsizdirlər? Külli-Ərəbistan bisavaddır. Ərəblər ya dilənçilik, ya çəpovulçuluq edirlər. Külli-Anatoliya bisavaddır, külli- İran bisavaddır. Ancaq İstanbulda və Tehranda və Təbrizdə beş-altı nəfər yazan və oxuyan tapılır. Səbəb odur ki, müsəlman dillərində oxumaq çətindir. Bir də şikayət edirsən ki, sənin qəzetini alan yoxdur. Sözün çox hesabi. Kim alsın? Vəqta ki, şəhərlərdə və kəndlərdə və obalarda xanzadəmiz, bəyzadəmiz, sövdəgərzadəmiz, əkinçilərimiz, sərkarlarımız, çobanlarımız oxumaq və yazmaq bilmirlər, ünas əhli hakəza, qəzetəni alıb neyləsinlər? Cırsınlar və tollasınlar? Külli-İrəvan quberniyasının xalqı türki oxumaq bilmir. Talan yerlərdə ki, bir paraları filcümlə oxumaq, yazmaq bilirlər, alıblar. Dəxi nə istəyirsən? Sənin muradın o vaxtda kamilən yetər ki, bizim hətta çobanlarımız da Prus çobanları kibi oxumaq, yazmaq bilələr və ünas tayfamız da oxumaq bilə. Təvəqqe edirəm ki, mənim bu kağızımı biduni-ziyd və nöqsan onun cavabı ilə öz qəzetəndə basasan. Yazıldı Qafqaz səfhəsində sakin olan milləti-islamın təqdirən vəkili-naməlum tərəfindən * * * Aleksandr Qriqoryeviçə Mərhəmətli Cənab Aleksandr Qriqoryeviç! Böyük hörmət bəslədiyim İran şahzadəsi Rzaqulu Mirzə sizin nəcib sifətləriniz və yüksək mərifətiniz haqqında mənə çox şey söyləmişdir. Bunun nəticəsində, mən qiyabi olaraq sizə səmimi bir məhəbbət və dərin hörmət bəsləyərək, aşağıdakı xahişimlə sizə müraciət etməyi özümə rəva görürəm. Valahəzrət Rzaqulu Mirzə sizə göndərdiyi məktubunda mənim fars dilində olan bir əsərim və onun rusca tərcüməsi haqqında əhvalatı yazmışdır. Hazırda həmin əsər tərcüməsi ilə bərabər, Peterburq şəhərində yaşayan naşir və kitab satıcısı Qrimm adlı bir şəxsdədir. Həmin şəxs bu əsərin farsca mətnini bütün Avropa dillərinə tərcüməsi ilə bərabər çap etməyi mənə vəd etmişdi. Lakin o, bu vədinə əməl etmədi. Mən isə hövsələdən çıxıb, keçən il noyabrın 22-də öz dostum doktor Bilyumberqin qardaşı Konstantin Matveyeviç Bilyumberqə yazdığım bir məktubda əlyazmasının fars mətnini və tərcüməsini Qrimmdən alıb, çap etmək üçün başqasına verməsini xahiş etmişdim. Lakin indiyə qədər Bilyumberqdən də cavab ala bilməmişəm. Buna görə də, sizdən acizanə xahiş edirəm ki, Qrimmi öz yanınıza çağırtdıraraq mənim farsca əlyazmamı onun tərcüməsi ilə birlikdə mütləq geri alasınız. Sonra həmin əlyazmasını aşağıdakı şərtlərlə başqa bir naşirə çap etmək üçün verəsiniz. Şərtlər bunlardır: mən istəyirəm ki, bu əlyazmasını nəşr edən hər hansı bir naşir əsərin orijinalını və bütün Avropa dillərində onun tərcüməsini çap etmək üçün lazım olan bütün xərcləri öz öhdəsinə götürsün. Əsər bir dəfə və ya bir neçə dəfə çap olunduqdan sonra kitabları sataraq əldə edilən puldan öz qoyduğu xərci çıxsın. Yerdə qalan sırf gəliri isə bərabər halda iki yerə bölsün və bir hissəsini mənə göndərsin. Bundan əlavə, kitabın orijinalından beş nüsxə və rusca tərcüməsindən də beş nüsxə hədiyyə olaraq mənə bağışlasın. Belə bir şərt məncə, hər hansı bir naşir üçün ən yüngül və əlverişli şərt hesab oluna bilər. Mən belə bir şərti şəxsən sizin cənabınıza təklif etməyə cəsarət etmirəm. Lakin əgər siz özünüz mənə qarşı iltifatınıza əsasən və öz şəxsi həvəsinizlə belə bir şərti qəbul edib, mənim xahişimi yerinə yetirməyə hazır olsanız, o zaman yuxarıda qeyd etdiyim şərtlər əsasında mənimlə yoldaş olunuz, mənə müqavilənamə göndəriniz! Əgər belə olarsa, mən təkcə qəlbən sizə minnətdar olmaqla qalmayıb, eyni zamanda öz ana dilimdə sizin haqqınızda gözəl bir mədhnamə də yazaram. Əgər siz bu əsər haqqında aydın təsəvvürə malik olmaq istəsəniz, mən naşir İsakova yazdığım məktubun surətini sizə göndərə bilərəm. Əgər siz iki, ya üç gün bu farsca əlyazmasının Qrimmdən aldığınız rusca tərcüməsini oxumağa sərf etsəniz, şübhəsiz ki, mövzu ilə tamamilə tanış ola bilərsiniz. O zaman mümkündür ki, şübhəsiz, bu əsərin bütün Avropa dillərində tərcüməsi ilə bərabər çap edilməsi ilə bu və ya başqa dərəcədə maraqlanacaqsınız. Həmin məktubla bərabər, Qrimmə yazdığım məktubu da göndərirəm ki, ona əsasən Qrimm mənim farsca əlyazmamı rusca tərcüməsi ilə birlikdə cənabınıza təqdim etsin. Qrimmin adresi ona yazdığım məktubun zərfi üzərində yazılmışdır. Öz adresim isə sizə göndərdiyim məktubda vardır. Sizdən məni minnətdar edə biləcək cavab gözləyirəm. Dərin hörmət və sonsuz sədaqətlə, həzrət-əşrəfinizə müti xidmətçi olmağı özümə şərəf bilirəm. M.F.Axundzadə 2 fevral 1877-ci il * * * Həsən bəy Bilmirəm, əvvəl sənə cavab yazım, ya kapitan Sultanova. Qoy əvvəl nasehanə bir neçə kəlmə ona yazıb, ürəyimi boşaldım, çünki çox qəflətdədir, ürəyimi darıxdırırdı. Sonra sənə cavab yazaram, məlum mətləbimiz xüsusunda. Mənim əzizim kapitan sultanov! Məktubun dəlalət edir ki, türki və farsi dillərində savadın var, amma elm iddiasını edə bilməzsən. Çünki məzmuni-məktubundan görünür ki, hələ əvamünnas cərgəsindəsən. Əvvələn, sənə bu ayeyi-şərifənin təfsirini yazıram. Yəni, əlbəttə, ölü hesab etməyin o kəsləri ki, Allah yolunda məqtul olublar, bəlkə onlar diridirlər və öz rəblərinin yanında mərzuqdurlar. Pəs, imam Hüseyn əleyhissəlam Allah yolunda qətlə yetişib, pərvərdigarın yanında mərzuqdur və dərəcəyi-şəhadəti dərk etməklə fövziəzimə nail olubdur. İndi bizim o həzrətə təziyədarlığımızın mənası budur ki, əfsus edirik ki, niyə o həzrət şəhadətə yetişdi, gərək ömri-təbii sürəydi, yeyəydi, içəydi, keyf edəydi, ləzzət aparaydı, şəhadət cəhətindən məqami-əla-illiyyinə yetişməyəydi. Bu yandan dəxi Yezidə və İbn-Ziyadə və Şümrə lənət edirik, bu mənaya ki, köpək oğlu Yezid, köpək oğlu ibn-Ziyad, köpək oğlu Şümr niyə o həzrətin şəhadətinə bais oldunuz, niyə səbəb oldunuz ki, o həzrət məqami-əla-illiyinə yetişdi. Aya, təziyədarlığın mənası bu deyil? Pəs biz əgər əhli-beytə şieyixalisik, gərək imam Hüseyn əleyhissəlamın dərəcəyi-şəhadətə yetişməsindən bu səbəb ilə məqami-təqərrübi-həzrəti-bariyə çatmağından xoşhal olaq, nəinki o həzrətə təziyə saxlayaq, atılaq-düşək, döşümüzə və başımıza çırpaq, başımıza kül və torpaq sovuraq və şaxsey-vaxsey naləsin ərşə çatdıraq və əndamımıza xəncər və bıçaq taxaq və yara vuraq və bu gunə əbləhanə hərəkətlə aşina və biganəni özümüzə güldürək. Bu dəlili-əqli mucibincə təziyədarlıq özü sərapa külli-şüquqatı ilə hükameyi-islamın əqidəsində bidətdir və məsiyətdir, xəncər və bıçaq taxmaq divanəlikdir. Əfsus ki, sənin zehnin bu gunə ali və həkimanə mətləbin dərkindən qasirdir və əvamanə hökm edəcəksən ki, bu mətləbi yazan şəxs ya sünnidir, ya laməzhəbdir. Bavücudi ki, bu mətləbi yazan şəxs nə sünnidir və nə ya laməzhəbdir, bəlkə müsəlmani-pakdır və şieyi-xalisdir və yazdığı mətləb şəriəti-ğarrayə və baladə zikr olan ayeyi-şərifəyə məbnidir. Bu iddianın təsviyətində Əli ibn-Əbutalib əleyhissəlamın kəlamı dəlili-kafidir ki, ibn-Mülcəmin zərbəti vəqtində foran mübarək lisaninə cari oldu: Yəni: and olsun Kəbənin rəbbinə ki, fövzə yetişdim. Pəs şəhadət baisi-fövz imiş. Biz niyə gərək o həzrətin şəhadətindən qəmgin olaq, vəqti ki, özü şad olur, yəni niyə gərək sugvarlıq edək ki, o həzrət fövzə çatdı. Habelə də, imam Hüseyn əleyhissəlam şəhadətindən şaddır. Əzizim Sultanov, mətləb çox barikdir və külliül-əmayi-isnaəşəriyyənin əqidəsinə müxalifdir, amma həqq mətləbdir. Əgər filcümlə bəsirətin olsa, hərarət etməyəcəksən, külli-üləmayi-isnaəşəriyyə təziyədarlığın təcvizində xətayə düşüblər. Hükamayi-isnaəşəriyyənin əqidəsi səhihdir. Hükamayi-isnaəşəriyyə deyirlər ki, imam Hüseyn əleyhissəlam bir mərdanə və qeyrətmənd vücud idi. Əlində qılınc Allahın düşmənlərinin müqabilində cəhad elədi və Yezidə beyət etməyi qəbul etməyib mərdanəliklə dərəceyi-şəhadəti dərk etdi və Kərbəla meydanında həzrət özü bu əfradın məzmununu zikr edirdi: “İlahi, bəla meydanından uzaqlaşmaram, Sənin kəməndinin halqasından boyun qaçırmaram. Susuz ölərəm, kufəlilərdən su istəmərəm. Dost yolunda düşmən minnəti çəkmərəm. Kərbəla çölündə tikanlar könlümə də batsa, Dostun küçəsində gülşən həsrəti çəkmərəm”. Pəs biz niyə gərək o həzrəti şəhadət cəhətindən məzlum və zəlil hesab edib, ona ağlayaq və onu külli-aləmdə rüsvay edək? Məzlum o kəsə deyərlər ki, onun hüququna və malına sitəm oluna. O həzrətin, doğrudur, hüququna və malına sitəm olundu, bundan ötrü ağlamağın lüzumu yoxdur. Hərgah bir qeyrətmənd və mərdanə cavan əlində qılınc mərdanəliklə Allahın yolunda Allahın düşmənlərinin müqabilində cəng edib şəhadətə çata, o surətdə biz, aya, gərək oylə cavana məzlum xitab edək və onu zəlil hesab edər və ona ağlayaq və onu rüsva edək? Haşa və kəlla. Biz gərək oylə cavana afərin oxuyaq və onun mərdanəliyindən fəxr edək. Budur hükameyi-isna-əşəriyyənin əqidəsi ki, imam Hüseyn əleyhissəlama təziyədarlıq səfahəti-məhzdir və o həzrətin xilafi-rizasıdır. Əgər biz istəyirik ki, bir gunə əmal ilə imam Hüseyni özümüzdən razı və xoşnud edək və öz iradətimizi ona nisbət sübuta yetirək, gərək onun təziyə-darlığından əl çəkib təziyədarlığa sərf olunan pullar ilə hər şəhərdə o həzrətin şiələrinin ətfallarına tərbiyət vermək üçün məktəbxanalar açaq və hər məktəbxananın qapısında cəli xətlə yazıb yapışdıraq ki, imam Hüseyn əleyhissəlamın eşqinə bu məktəbxana bərpa olunubdur. Ta ki, bu vəsilə ilə bizim sair əmali-şəriyyəmiz bisəmər qalmasın, çünki xudavənd-aləm kəlami-məcidində buyurubdur: Yəni: hər kəsin bu dünyada umuri-diniyyədə və umuri-məişətdə qəlb gözü kordur, axirətdə dəxi kordur və gümrahtərdir. Aşkardır ki, umuridiniyyədə və umuri-məişətdə qəlb gözü biduni-elm və mərifət və savad açıq olmaz və görücü olmaz. Pəs, əgər biz elmsiz və mərifətsiz və savadsız həzar qism əmali-həsənəyə amil olsaq, bu ayeyi-şərifənin mövcibincə axirətdə bizə fayda verməyəcəkdir. Biz yenə korlar zümrəsində olacağıq. Pəs, ey din qardaşları, hümmət edin, təziyədarlığa sərf etdiyiniz pulları hər şəhərdə məktəbxanalar açmağa sərf edin. Üləmayi-isnaəşəriyyənin sözlərinə baxmayın, çünki onların sözləri müəllil bəğərəzdir və peşələri əvamfiriblikdir və onların siz cəmaətdən həzar qism təmənnaları var. Hükameyi-isnaəşəriyyənin sözlərinə baxın ki, heç bir qərəzləri yoxdur və siz cəmaətdən heç bir təmənnaları yoxdur. Mücərrəd məhəbbət və təəssüb və qeyrət yolunda sizə naseh vaqe olurlar ki, siz dəxi ülum ilə mərifət ilə və savad ilə sair miləl kimi dünyada səraməd və bərgüzidə olasınız və sair miləl sizə isnadi-vəhşiyyət etməsinlər, necə ki, indi edirlər. Bir dəxi, mənim əzizim, Sultanov, təziyədarlığı şüari-islam hesab etməyin xətayi-məhzdir. Əlbəttə, hər kəs şüari-islamə rəvac versə, onun dərəcəsi ülyadır və lakin təziyədarlıq şüari-islam deyil. Şüari-islam gərək binayi-islamdan başlana, təziyədarlıq bir əmrdir möhdis ki, padşahaniisnaəşəriyyə öz politikalarının səlahı üçün onu ehdas etdilər. Əvvəl Dəyalimə hicrətdən üç yüz ildən ziyadə keçmiş, sonra Səfəviyyə və üləma dəxi əvvələn səlatini-isnaəşəriyyənin xatiri üçün bu əmri-möhdisi təçviz etdilər. Saniyən, rəftə-rəftə xalq adətkərdə oldu və üləma dəxi bu əmri-möhdisin zimnində özləri üçün mənafeyi-kəsirə mülahizə etdilər və onun tərvicinə çalışdılar və bu xüsusda ənva və əqsam kizbdən məmlu təsnifat müntəşir etdilər. “Müsaibül-əbrar” və sairləri kimi ki, hər aqil və həkim şəxs oxuyanda əti tökülür, ondan ötrü ki, əxbarikazibənin həddi və həsri yoxdur. Ənva və əqsam rəzalət və zillət və həqarət nisbəti əhli-beytə verib, rüsvayi-aləm ediblər. İmam Hüseyn əleyhissəlam bu gunə ixlas və iradəti sizdən istəmir. Qoyun onu rahət behişti-berində seyr etsin. Gedin öz işiniz dalısınca. Əgər onun rizasına talibsiz, onun şiələrinin tərəqqisinə bais olun, vəssalam. Hərgah deyəsən ki, filani, sənin bu sözün batinən müsəlləmdir və lakin imam Hüseyn əleyhissəlamın şəhadəti zahirən müsibət görünür. Bu müsibətdə biz ki, onun şiəsiyik, gərək təziyədarlıq edək, haray və fəryad naləsin ərşə yetirək. Həmin bu hərəkət məsiyətdir və xilafi-iradeyi-həzrəti-baridir. Cənabi-əqdəsi-ilahi öz ayəti-şərifəsində buyurur: Yəni: o kəslər ki, müsibətzədə olurlar deyirlər bətəhqiq biz Allah üçünük və Allah tərəfinə rücu edəcəyik. Pəs bu müsibətdə bizə ancaq bu kifayət edər ki, deyək: və bundan ziyadə hər nə etsək, ağlamaq kimi və döşə-başa çırpmaq kimi xilafi-rizayi-sübhandır və müxalifi-ayeyi-şərifeyi-Quran. Xüsusən ki, bizim təziyədarlığımız bir növ cənabi-əqdəsi-ilahidən şikayət etməyi zimnində tutur ki, niyə imam Hüseyn əleyhissəlamə şəhadəti müqəddər etmişdi. Biz istəmirdik ki, Şümr o həzrətin başın kəssin, Allah, sən niyə belə təqdir etdin? Sultanov, bir təəmmül et, gör biz nə əql və şüurdayıq ki, həqq təaliyə təziyədarlıq ilə bəhs varid edirik. Əzizim Sultanov, əgər bu mətləbin rəddinə əqlinə güc verib iqdam edəsən və bir para mərsiyəxan əhadisinə mütəməssik olub dəlil gətirəsən, dəxi məndən cavab çıxmayacaq. Bu gün damağım var idi, əsrari-xəfiyyədən bir neçə kəlmə sənin tərəfinə tulladım, dəxi məni danışdıra bilməzsən. Sui-zənn etmə ki, şürbdən damağım var idi. Müskiratın qətrəsi dilimə dəyməz. Ancaq sənə axır kəlamımda bir pədəranə nəsihətim var: – Niyə, balam, Əzrailin ləqəbini üstünə götürürsən? Əzrailin adından və ləqəbindən xalqın tənəffürü var. Hər kəs oğluna Cəbrail və Mikail və İsrafil ad qoyar, amma heç görübsən ki, bir kəs oğluna Əzrail ad qoysun. Hadim Əzrailin ləqəbidir. Bircə”Əlif leylayə bax, gör ki, çox yerdə necə yazılır: Nagah Hadimi-lləzat yetişdi və ruhunu qəbz etdi. Yəni, Əzrail. Əlbəttə, bu ləqəbi üstündən götür və Əhsənülqəvaidə üzrxahlıq yaz. Şəxsi-naməlum Həsən bəy, təvəqqe edirəm ki, mənim bu kağızımı biduni-ziyad və nöqsan çap edəsən ki, Sultanov oxusun. İndi gələk öz mətləbimizin üstünə. * * * Həsən bəy Fevralın üçüncü günündə və üçüncü nömrədə yazılan cavabı oxudum və külli-ilqa olunan sözlərə kamilən etiqad etdim. Gəl bir tədbir edək, əgər səlah görürsən, əvvələn, sən Bakı şəhərində ətfali-zükurə üçün kompaniya tərtib edib bir məktəbxana açmaqdan ötrü türki dilində bir müxtəsərcə proyekt, yəni tərhəndazlıq yaz. Saniyən, vilayətin mütəməvvillərindən və xalqın məzacında təsərrüfü olan əşxasdan on iki nəfər çay içməyə öz mənzilinə dəvət et. Axund Molla Cavad sədriməclisi-ruhani dəxi bu on iki nəfərin birisi olsun. Salisən proyektini olara oxu və ağlın kəsən dəlayildən məktəbxana açmağın vücubini olara təlqin elə və təklif et ki, hümmət göstərsinlər. Bir kompaniya tərtib etsinlər, necə ki, erməni camaatı tərtib edibdir və kompaniyanın əvvəlimci üzvləri bu on iki nəfər olsun. Sonra onlar başqa kəslərdən öz təvəssütləri ilə bu kompaniyaya üzvlər daxil etsinlər. Rabiən, gəl sən bir şəxsdən yüz manat təmənna etmə, əlli manat təmənna et ki, kompaniyaya versinlər. Və küll Bakı quberniyasından yüz nəfərin əvəzinə iki yüz nəfər siyahı et, hər birisi əlli manat versə, guya yüz nəfərin hər biri yüz manat verən kimidir. Sonra bu tədbirin nəticəsi hər nə olsa qəzetində yaz, elam et ki, mən dəxi oxuyum. Əgər Bakı əhli bir belə əməli-xeyrə iqdam etsə, sair şəhərlərdə məktəbxanaların açılmağını və kompaniyalar tərtib olunmağını yəqin bil, mən zamin. Vəkili-naməlumi-millət * * * Həsən bəy Hərgah sənin dövrübərində olan aşinalardan mənim Sultanova yazdığım məktubun basılmağını məsləhət görmüyələr, əlbəttə, onların sözlərinə qulaq asma, əlbəttə, bu məktubu bas ki, ondan gələcəkdə sənin muradınca yaxşı-yaxşı nəticələr vasil olacaqdır, yəqin elə ki, bu məktubda dini-islama toxunan əsla bir söz yoxdur. Hər kəs desə var, anlamır. Qoy, bizim millətimiz də bir az gözü açılıb fanatiklikdən çıxsın, bəlkə patryot olsun, onda hər nə etsən, baş dutar. Vəilla, madam ki, bizim millətimiz fanatiklik halındadır, hər bir əməli-xeyr üçün bizim səy və təlaşımız bihasildir və əgər bu məktub bir təbəqədə sığışmasa, qabaqdakı qəzetdə bir təbəqə kağaz artır ki, bu məktub bir dəfədə təmamən basılsın. 15 fevral, sənə 1877 * * * Hacı Mötəmədüddövləyə Nəvvabi-müstətab, əşrəf, əmcəd, alinəsəb fars əyalətinin fərmanfərması şahzadə Hacı Mötəmədüddövləyə ərz edirəm Sizə nə dil ilə təşəkkür edəcəyimi bilmirəm. Nəvvabi-müstətabınız böyüklükdə iltifatınızı o dərəcəyə çatdırmışsınız ki, “Cami-Cəm” “Xülasətül-hesab” və “İngiliscə lüğət”dən ibarət özünüzə məxsus olan üç cild əsərinizi mənə hədiyyə göndərmişsiniz. Bu hədiyyənin müqabilində, mənim təşəkkür və minnətdarlıqdan başqa sizə təqdim edəcəyim bir şeyim yoxdur. Xudavəndi-aləm şahzadənin mübarək vücudunu əzizlik və xoşbəxtlik təxtində bərqərar etsin. Şahzadə! Nəvvabi-müstətabınız Məkkeyi-mükərrəmə və Mədineyimünəvvərədən qayıdarkən Tiflisdə mənim üçün Rəsuli-əkrəm səlavətüllahi əleyhin mədhinə yazmış olduğunuz qəsidəni oxudunuz. Mətlə beytinin birinci misrası belə idi: “Ey göndərilmiş peyğəmbərlərin sonuncusu!” O vaxt qəsidənin surətini sizdən istəməyə cəsarət etmədim. İndi ki, Şirazdasınız və bir neçə xoşnəvis katibləriniz hüzurunuzda vardır, xahiş edirəm ki, həmin qəsidədən bir nüsxəsini yazdırıb, yadigar olaraq mənə hədiyyə göndərəsiniz! Şahzadə! Nəvvabi-müstətəbınızın fəzilət və kamalına mənim tam etiqadım vardır. Xüsusilə, həzrət-əşrəf şahzadənin təqva və zöhdü məni valeh etmişdir. Çünki siz tay-tuşlarınızın tamamilə əksinə olaraq, içkidən tamamilə imtina edirsiniz və pak ətəyinizi pis əməllərlə ləkələməyirsiniz. Lakin heyf olar ki, həzrət-əşrəf bu qədər elm və fəzilətlə əhlibatindən xəbərdar olmayasınız. Yadınızda varmıdır ki, bir dəfə həzrət-əşrəfinizlə kalyaskaya oturub, knyaz Orbelianinin görüşünə gedirdik, yolda mən sizə ərz etdim ki, islam mütəfəkkirlərindən çoxu vəhdəti-vücuda inanırlar. Siz buyurdunuz: – Yəni Firon da allahdır? Knyaz Orbelianinin evinə çatmışdıq, mən sizə cavab verməyə fürsət tapmadım. İndi həmin sualın cavabında Mollayi-Ruminin bu iki beytini yazıb, həzrət-əşrəfinizə göndərirəm: “Elə ki, rəngsizlik rəngə əsir oldu, Musa Musa ilə müharibəyə başladı. Elə ki, əvvəlki rəngsizliyə çatdılar, Musa ilə Firon barışdı”. Bu o deməkdir ki, Musa və Firon hər ikisi bir vücud idilər. Elə ki, öz əsillərindən ayrılıb zahiri aləmə gəldilər, bir-biri ilə müharibəyə başladılar. Lakin elə ki, yenidən öz əsillərinə qayıtdılar, yenə də həmin vahid vücud oldular. O əsil hansıdır ki, bunlar ona tərəf qayıdacaqlar? Bu xüsusda Quranda ayeyi-şərifə vardır: (Biz allahdanıq və ona tərəf qayıdanlarıq). Burada Firon müstəsna olunmamışdır. O, dəxi, qayıdanlardandır. Şahzadə! Allah eləməsin ki, mənim şəxsi etiqadım belə olsun! Mən bitərəfliklə mütəfəkkirlərin sözlərini nəql edirəm ki, Molla Əbdüssəməd Həmədani və Molla Hadi Səbzvari də o cümlədəndirlər. Əgər bu böyük adamların əsərlərindən əlinizdə varsa, oxuyun və əgər oxusanız, mənim sözümün doğruluğu mütləq sübut olunar. Bir də sizə bildirirəm ki, həzrət-əşrəfinizin səmimi dostu, Bakının sabiq qubernatoru, mələk xasiyyətli cavan general Staroselski indi Qafqaz canişinliyinin ümumi idarə rəisi təyin olunmuş və ona tabe olan bizlərə gözəl günlər qismət olubdur. 1877-ci il martın 14-də, sizə riyasız ixlası olan kolonel Mirzə Fətəli Axundzadə tərə- findən yazıldı. Şirazda məqamı yüksək, alinəsəb şahzadə Hacı mötəmədüddövlə Fərhad Mirzə – Fars əyalətinin fərmanfərmasına çatacaqdır. * * * Qeyd Əgər islam əlifbası sillabi deyil, alfabeti olsaydı və yazılarkən sol tərəfdən sağ tərəfə yazılsaydı və bu cəhətdən alfabeti yazının qaydasına riayət edilsəydi, islam xalqları mədəniyyət, yəni tərəqqi aləmində şübhəsiz ki, Avropa xalqlarından irəli keçərdilər. Ona görə ki, əvvəldə mədəniyyət toxumu islam xalqlarının yaşadığı torpaqda göyərmişdir. Lakin sillabi yazının çətinliyi nəticəsində elm və maarifin yayılması bu xalqların bütün sinifləri içərisində mümkün olmamışdır və müsəlmanların yaşadığı torpaqda yerə salınan mədəniyyət toxumu çürüyüb məhv olmuş, lakin alfabeti yazının asanlığı nəticəsində, Avropa torpağında bu toxum göyərmiş və inkişaf etmişdir. Minlərlə təəssüf olsun ki, islam xalqlarının başçıları öz əlifbalarını dəyişdirməyin vacib bir iş olduğunu dərk etmirlər və günəşdən aydın olan bu məsələnin əhəmiyyətini anlamırlar. Bir halda ki, onlar hər bir işin bünövrəsi olan bu vacib və əsas məsələdən ikinci dərəcəli işləri – yeni tənzimat, dəmir yolları çəkmək, buxar gəmiləri əldə etmək, birinci teleqraf xəttini çəkmək, hərbi silahları təzələmək və sairəni üstün tuturlar, böyük bədbəxtlikdir ki, insan belə bir millətin içərisində yoxluq aləmindən varlıq aləminə qədəm qoysun və haqqı anlasın, ancaq öz nadan həmvətənlərinə onu anlada bilməsin və bu dünyadan qüssə və həsrətlə getsin. Mirzə Fətəli Axundzadə * * * Mirzə Fətəli Axundzadənin tərcümeyi-halı Kolonel Mirzə Fətəli Axundzadənın özü tərəfindən yazılmış bioqrafiyası, yəni tərcümeyi-halı Mənim atam Mirzə Məhəmmədtəqi Hacı Əhməd oğlunun ulu babaları fars qəbilələrindən olmuşdur. O, ilk gənclik illərində Təbriz mahalında olan Xamnə qəsəbəsinin kətxudası idi. Vəzifəsindən çıxarıldıqdan sonra miladi 1811-ci ildə ticarət məqsədi ilə Şəki vilayətinə gəlib, Nuxa şəhərində Axund Hacı Ələsgərin qardaşı qızı ilə evlənmişdir ki, miladi 1812-ci ildə mən həmin zövcədən doğulmuşam. Bu tarixdən iki il sonra Şəki vilayətinin hakimi olan xoylu Cəfərqulu xan vəfat etmişdir. Buna görə də, o vaxta qədər Cəfərqulu xanın himayəsi altında həmin vilayətdə yaşayan iranlı qəriblər vətənə qayıtmaq qərarına gəlmişlər. Mənim atam da onların sırasında arvadı və uşağı ilə bərabər Xamnə qəsəbəsinə yola düşmüşdür. Dörd ildən sonra atamın xamnəli olan başqa arvadı ilə yola gedə bilməyən mənim anam atamdan xahiş etmişdir ki, onu mənimlə birlikdə, o zaman Ərdəbilin Meşkin mahalında Şəkinin sabiq hakimi Səlim xanın xidmətində olan əmisi Axund Hacı Ələsgərin yanına göndərsin. Atam anamın xahişini qəbul edib, onu mənimlə birlikdə əmisinin yanına göndərmişdir. O tarixdən mən atamdan ayrılıb, bir daha onu görməmişəm və Qaradağ kəndlərindən olan Horand kəndində anamın əmisinin yanında olmuşam. Bir il sonra Axund Hacı Ələsgər mənim təlim və tərbiyəmə başlamış, əvvəlcə özü Quranı mənə öyrətmiş, Quranı bitirdikdən sonra yavaş-yavaş farsca və ərəbcə kitablardan mənə dərs demişdir. Bu Axund Hacı Ələsgər nadir bir alim idi. İstər farsca və istərsə də ərəbcə bütün islami elmlərdən mükəmməl məlumatı var idi. O, məni oğulluğa qəbul etmiş və mən xalq arasında Hacı Ələsgər oğlu adı ilə tanınmışam. İki ildən sonra Axund Hacı Ələsgər Horand kəndindən Qaradağın Ünküt elinə köçüb, Vəlibəyli obasında sakin oldu. O vaxtlar, şirvanlı Mustafa xan da Ünküt eli qışlaqlarının yaxınlığında Şəkərli adlanan yerdə yaşayırdı. Bu gözəl təbiətli xandan mənim ikinci atam o qədər böyük yardımlar görmüş və vəsfəgəlməz yaxşılıqlar müşahidə etmişdir ki, onları yazmaqla bitməz. Bu arada, yəni miladi 1825 tarixində Axund Hacı Ələsgərin Məhəmmədhüseyn adlı böyük qardaşı Şəki vilayətindən Ünküt elinə gəlib, onu mənimlə və anamla bərabər, əsil vətəninə gətirdi. Axund Hacı Ələsgər birinci ildə Gəncə şəhərinə varid olub, burada dayandı və təsadüfən, o birisi ildə İran dövləti ilə Rusiya dövləti arasında müharibə başlandı. Bu müharibə əsnasında Axund Hacı Ələsgərə və onun ailəsinə üz verən müsibətlər, onların düçar olduğu bəlalar, bütün var-dövlətlərinin Gəncə qalasında qarət olunması, özlərinin müflis hala düşməsi yazıya sığışmaz. Xülasə, İran qoşunu məğlub olduqdan sonra, Axund Hacı Ələsgər öz ailəsi ilə Nuxa şəhərinə gəlib, orada qaldı və yenə də mənim təhsilimə böyük diqqət və qayğı göstərib, fars və ərəb dillərini mənə mükəmməl öyrətdi. Hətta, məni Dağıstan ləzgi tələbələri kimi, ərəb dilində danışmağa adət etdirdi. 1832-ci ilin əvvəllərində Axund Hacı Ələsgər Məkkəyə getməli oldu. O, məni Gəncəyə gətirib, Axund Molla Hüseynin yanında məntiq və fiqh kitablarını oxuyub öyrənməyə qoydu; özü isə Məkkəyə yollandı. Bu vaxta qədər mən farsca və ərəbcə oxumaqdan başqa bir şey bilmirdim və dünyadan xəbərsiz idim. İkinci atamın məqsədi bu idi ki, mən ərəb elmlərini öyrənib bitirdikdən sonra ruhanilər cərgəsinə daxil olub yaşayım. Lakin başqa bir hadisə üz verdi ki, bu niyyətin baş verməməsinə səbəb oldu. Bu hadisənin təfsilatı belədir: Gəncə məscidinin hücrələrindən birində həmin vilayət əhli Mirzə Şəfi adlı bir şəxs yaşayırdı ki, bir sıra müxtəlif biliklərə malik olmaqla bərabər, nəstəliq xəttini də çox yaxşı yazırdı. Bu, həmin Mirzə Şəfidir ki, Almaniya ölkəsində onun tərcümeyi-halını və farsca şeirlər yazmaqda hünərini yazıb vəsf etmişlər. Mən ikinci atamın buyuruğu ilə hər gün həmin şəxsin yanına gedib, nəstəliq xəttini məşq edirdim. Get-gedə mənimlə bu hörmətli şəxs arasında mehribanlıq və səmimiyyət əmələ gəldi. Bir gün həmin möhtərəm şəxs məndən soruşdu: – Mirzə Fətəli, elmləri öyrənməkdən məqsədin nədir? Cavab verdim ki: – Ruhani olmaq istəyirəm. Dedi: – Demək, riyakar və şarlatan olmaq istəyirsən? Təəccüb edib çaşıb qaldım ki, görəsən bu nə sözdür? Mirzə Şəfi mənim vəziyyətimə nəzər salıb, dedi: – Mirzə Fətəli! Öz ömrünü bu iyrənc camaatın sıralarında zay etmə! Başqa bir peşə dalınca get! Elə ki, ondan ruhanilərə nifrət etməsinin səbəbini soruşdum, o, elə mətləbləri açıb söyləməyə başladı ki, o günə qədər mənə məlum deyildi. Nəhayət, ikinci atam Məkkədən qayıdana qədər Mirzə Şəfi ürfanın bütün məsələlərini mənə təlqin etdi və qəflət pərdəsini mənim gözümdən açdı. Bu əhvalatdan sonra ruhaniliyə nifrət etdim və əvvəlki niyyətimi dəyişdirdim. İkinci atam Məkkədən qayıtdıqdan sonra Nuxaya qayıtdım. Yenə də bir müddət bəzi ərəbcə kitabları, o cümlədən Şeyx Bəhainin “Xülasətül-hesab” adlı kitabını oxumaqla məşğul oldum. Bu arada Nuxada rusca məktəb açıldı. İkinci atamın icazəsi ilə rus dilini öyrənməyə meyl etdim. Bir il müddətində həmin məktəbdə rus dilini öyrənirdim. Böyüdüyümə görə, burada bir ildən artıq oxuya bilmədim. Bir ildən sonra 1834-cü ildə ikinci atam məni götürüb Tiflisə gətirdi və rus sərdarı Baron Rozenə ərizə verib, xahiş etdi ki, məni öz dəftərxanasında Şərq dilləri mütərcimi sifətilə qulluğa götürsün və rus katiblərindən birini də məni rusca oxutmağa təyin etsin ki, rus dili sahəsində biliyim təkmilləşsin. Bu sərdara nə dil ilə təşəkkür edəcəyimi bilmirəm. Bu mələk xislətli əmir ikinci atamın xahişini dərhal qəbul edib, mənim barəmdə o qədər iltifat göstərdi ki, mən onun vəsfindən acizəm. O tarixdən bu günə qədər Qafqaz sərdarlarının yanında Şərq dilləri mütərcimi vəzifəsində çalışıram. Onların hər birisindən cürbəcür iltifatlar, mərhəmətlər görmüşəm. Yaxşı güzəranım vardır. Kolonellik rütbəsinə malik olmuşam. Baron Rozendən sonra mənim ikinci nemətverənim olan mərhum general-feldmarşal knyaz Vorontsovdan xüsusilə razıyam ki, bu işgüzar və ağıllı əmirin iltifatı sayəsində, məndə yazıçılıq qabiliyyəti özünü göstərdi. Azərbaycan türkcəsində altı komediya, yəni təmsil yazıb, ona məlumat verdim. Böyük təqdirə, çoxlu ənama nail oldum. Bu xeyirxah əmirin tikdirdiyi Tiflis teatrında “Təmsilat”ımı tamaşaya qoydular. Teatr salonunda olanlardan afərinlər, təriflər eşitdim. Sonra “Yusif şahın hekayəsi”ni yenə də türk dilində yazdım. Bu yeddi əsər rus dilinə tərcümə edilib çap olunmuşdur. Bu əsərlər haqqında Peterburq və Berlin jurnallarında təriflər yazılmışdır. 1857-ci il miladidə islam əlifbasını dəyişdirmək üçün fars dilində bir kitabça yazıb, əlifbanı dəyişdirməyin vacib məsələ olduğunu həmin kitabçada göstərdim. 1863-cü ildə Qafqaz canişini həzrət-əşrəf şahzadə qranduk Mixaildən icazə alıb, bu fikrimi bildirmək üçün İstanbula getdim. Həzrət qranduk bütün müsafirət xərcimi dövlət xəzinəsindən əta etdi. Vəziri Kruzenştern də İstanbuldakı rus səfirinə bir məktub yazdı ki, qarşımda duran məqsədi yerinə yetirmək üçün Osmanlı dövləti başçılarının yanında lazım gələn səyi göstərsin. Əlifbanı dəyişdirmək haqqında yazmış olduğum kitabçanı rus səfiri mütərciminin vasitəçiliyi ilə Osmanlı dövlətinin sədr-əzəmi Fuad paşaya təqdim etdim. Türkcə “Təmsilat”ımı və “Yusif şahın hekayə”sini də göstərdim. Sədr-əzəmin əmri ilə kitabçanı Osmanlı Cəmiyyəti-elmiyyəsində müzakirə etdilər. Hər cəhətdən əlverişli hesab edib bəyəndilər. Lakin həyata tətbiq edilməsinə icazə vermədilər. Çünki kitabçada təklif edilən əlifbada kəlmələrin tərkibində hərflərin bitişik olması nəzərdə tutulduğundan, çap işində çətinlik qarşıya çıxırdı. Mən dedim ki, bu nöqsanı aradan qaldırmaq üçün köhnə islam əlifbasında tam bir dəyişiklik aparmaq lazım gəlir. Buna görə də islam əlifbasındakı hərflər də, avropalıların yazısında olduğu kimi, bitişməz olmalıdır. Yazı soldan-sağa doğru yazılmalıdır. Nöqtələr tamamilə atılmalıdır. Hərflərin şəkilləri latın əlifbasından seçilməlidir və sait hərflərin hamısı samit hərflərin sırasında yazılmalıdır. Sözün qısası, sillabi əlifbamız alfabeti əlifba ilə əvəz edilməlidir. İstanbul alimləri və nazirləri mənim bu fikrimi də qəbul etməyə razılıq vermədilər. İranın İstanbuldakı səlahiyyətli naziri Mirzə Hüseyn xanın mənə qarşı ədavəti də osmanlıların mənimlə razılaşmamalarına qüvvət verdi. Nə isə, İstanbuldan məqsədimə nail olmadan qayıtdım. Lakin islam əlifbasını dəyişdirmək barəsində fikrim Osmanlı dövləti tərəfindən qəbul olunmadısa da, Məcidiyyə ordeni əlifbanı dəyişdirmək haqqında Fəxri fərman verdilər. İstanbulda Mirzə Hüseyn xanın əlindən müsibətlər çəkmişəm ki, əgər onların hamısını yazsam, başağrısına səbəb olar. Bu adam keçmişdə Tiflisdə öz dövlətinin konsulu idi. Qəlbən mənə qarşı şiddətli ədavəti varmış. Lakin mən onun ədavətindən tamamilə xəbərsiz olub, onu özümə dost hesab etdiyimdən, İstanbulda onun evində mənzil etdim. Nəhayət, o, ədavətini büruzə verdi. Bütün Osmanlı nazirlərinin qarşısında məni islam dini və dövlətinin bədxahı kimi qələmə verdi. Sonralar məlum olduğuna görə, onun ədavət bəsləməsinə səbəb guya bu imiş ki, mən türkcə “Təmsilat”ımda iranlıların yaramaz əxlaq və rəftarını pisləmişəm. Bu isə dramnəvisliyin əsas şərtlərindəndir. Bu adam dramnəvislikdən və onun şərtlərindən bir şey anlamadığına görə, dünya elmlərindən tamamilə binəsib olduğuna görə, hiyləgərlik, riyakarlıq, paxıllıq, gözügötürməzlik, acgözlük və tamahdan başqa qabiliyyəti olmadığına görə, elə zənn etmişdir ki, mənim bu cür hərəkətim iranlılara kin bəsləməyimin nəticəsidir. Onun mənə qarşı ədavət bəsləməsi aşkar olduqdan sonra evindən çıxıb, başqa yerdə mənzil etdim. Tiflisə qayıtdıqdan sonra əlifba barədə öz fikirlərimi başqa bir kitabçada yazıb, Tehrana göndərdim. Bu yeni kitabçada hərflərin şəklini bitişməz tərtibdə vermişdimsə də, ruhanilərin qorxusundan yazının yenə də əvvəlki kimi sağdan-sola yazılacağını göstərmişdim. Lakin Tehranda da mənim bu fikrimə əhəmiyyət vermədilər. Həmin fikir axırda İstanbulda tərəqqipərvərlərlə konservatorlar arasında müzakirə və mübahisələrə mövzu olaraq qalır. Sonra öz dövlətimin icazəsi ilə Tiflisdən İstanbula, Osmanlı sədrəzəmi Ali paşaya əlifba məsələsinə dair bir kitabça və bir də sabiq islam əlifbasının dəyişdirilməsinin lazım olmaması haqqında məqalə yazmış olan Süavi əfəndi adlı Osmanlı aliminin fikirləri və təsəvvürlərinə qarşı yazdığım tənqidi göndərdim. Bu kitabça da nəticəsiz qaldı. Əlifba haqqındakı fikirlərim barədə fars dilində bir mənzumə yazaraq, əhvalatı orada şərh etmişəm. Bu əhvalatdan sonra “Rövzətüssəfa”ya mülhəqat yazmış Hidayət təxəllüslü Rzaqulu xanın tarixinə kiçik bir tənqid yazıb, Tehrana göndərdim. Bir il sonra Süruş təxəllüslü Şəmsüş-şüəra ləqəbi olan bir tehranlı şairin farsca yazmış olduğu qəsidəsinə tənqid yazıb, Tehrandakı tanışlarıma göndərdim. Bir qədər sonra bu fikrə gəldim ki, müsəlman xalqlarının mədəniləşməsi və yeni əlifbanın yolunda duran əsas maneə islam dini və fanatizmidir. Bu dinin əsasını sarsıtmaq, fanatizmi aradan qaldırmaq, Asiya xalqlarını qəflət və nadanlıq yuxusundan oyatmaq və islam dinində protestantizmin lüzumunu sübut etmək üçün “Kəmalüddövlə”ni yazmağa başladım. Bu “Kəmalüddövlə” elə bir əsərdir ki, bu günə qədər islam dini haqqında bu aydınlıqda və bu kimi dəlillərlə onun misli ola bilən bir əsər yazılmamışdır. Bu isə ona görə deyildir ki, müsəlman filosoflar onun məsələlərindən xəbərdar olmamışlar. Xeyr, xəbərdar olmuşlar. Lakin onlardan heç birisi öz bildiklərini açıq-aşkar söyləməyə cəsarət etməmişdir. Hazırda yaşım altmışı keçmişdir. Rusiya dövlətinin sayəsində mənə həvalə edilmiş qulluqda çalışıram və dövlətin himayəsindən istifadə edirəm. Bir oğlum, bir də qızım vardır. Qızımı ərə vermişəm. Oğlumun 20 yaşı vardır. Təhsilini Tiflis gimnaziyasında bitirmişdir. Rus və fransız dillərini çox yaxşı bilir. Fars və ərəb dilləri ilə də tanışdır. 1874-cü ilin iyun ayının əvvəlində biliyini təkmilləşdirmək üçün Belçika universitetinə gedib, orada mühəndislik elmini öyrənməklə məşğuldur. “Kəmalüddövlə” əsəri vasitəsilə özümə çoxlu dostlar və həmfikirlər tapmışam. Onlardan biri Mirzə Yusif xandır ki, o vaxt İran dövləti tərəfindən Tiflisdə konsul idi. Sonra Parisdə İran dövlətinin səlahiyyətli naziri vəzifəsinə təyin olundu. Biri də Fətəli şah Qacarın oğlu, cavan ölmüş şahzadə Cəlaləddin Mirzə idi. O, mənimlə dost olmuşdu, məktublaşardı və məni sonsuz dərəcədə əziz tutardı. Əfsus, əcəl aman vermədi ki, bu fəzilət sahibi olub, bütün gözəl sifətləri və təqdirəlayiq əxlaqı öz şəxsiyyətində cəmləşdirmiş şahzadə ilə mənim dostluğum uzun müddət davam etsin. Alinəsəbli şahzadə 1870-ci ildə ömrünün cavan çağlarında bu fani dünyanı tərk etdi. Dostlarımdan biri də təbrizli Ağa Ələkbərdir ki, Babayev famili ilə şöhrət qazanmışdır. Oğlum Belçika universitetinə getdikdən sonra daima mənimlə həmsöhbət olub, oğlumdan ayrılıq günlərində mənə təsəlli olmuşdur. Bu Ağa Ələkbər qanacaqlı, şüurlu, ürfandan tamamilə xəbərdar və öz müsahibliyində mehriban, xoşrəftar və xoşsifət bir şəxsdir. Ondan vəsfəgəlməz dərəcədə razıyam. Onunla elə ünsiyyət bağlamışam ki, əgər bir gün görməsəm, özümü pərişan və kədərli hiss edərəm. Bu üç nəfərdən başqa bir çox dostlarım və həmfikirlərim vardır ki, onları birər-birər saysam, mətləb uzanmış olar. * * * Şəhadətnamə Biz, adları aşağıda qeyd olunan, Azərbaycanın Xamnə qəsəbəsindən olan şəxslər bu məsələdə şahid olduğumuzu bildiririk ki, təxminən 30 il bundan əvvəl Mirzə Fətəlinin atası, məşhur Əhmədağa övladından olan mərhum Mirzə Məhəmmədtəqi Xamnə qəsəbəsinin zabiti (kətxudası) idi. Həmin qəsəbənin və ətrafdakı bir sıra kəndlərin bütün mülki işləri İran dövləti başçıları tərəfindən müəyyən maaşla ona tapşırılmışdı. Onun özü və ata-babası İranın nəcib və məşhur adamlarından idilər. O cənab, məzkur qəsəbədə divan işlərilə məşğul olduğu zaman üç nəfər sərbazı oğurluq etdiklərinə görə məsuliyyətə cəlb edib, öz vəzifəsinə görə və İrandakı mövcud adət üzrə ayaqlarına çubuq vurdurub saçlarını kəsmək barədə əmr vermişdi. O vaxtlar nizami qoşun təşkili və bu cür qoşun təliminin başlanğıc dövrü olduğundan, camaatı yeni qoşuna təşviq edib həvəsləndirmək lazımi işlərdən sayılırdı. Buna görə də şəniyüksək Mirzə Məhəmmədtəqinin məsələdən xəbərdar olmaması üzündən həmin üç nəfər sərbaz barədə gördüyü cəza tədbiri onların sərtipi bakılı İbrahim xanın şərarətinə imkan vermiş oldu. O, naibüssəltənə mərhum şahzadə Abbas Mirzəni fövqəladə qəzəbləndirdi və nəticədə şəniyüksək Mirzə Məhəmmədtəqi, Xamnə qəsəbəsi və başqa kəndlərin kətxudası vəzifəsindən çıxarıldı. Bundam əlavə, cərimə və müsadirəyə məruz qaldı və nəticədə şəniyüksək mərhumun nəqd və cins əmlakından Təbriz əyarı ilə 12 min tümən sərkar naibüssəltənə mərhuma və onun idarə rəislərinə çatmış oldu. Bundan sonra Mirzə Məhəmmədtəqi bir müddət vətənini tərk edib getdi. Qayıtdıqdan sonra Xamnənin kətxudası vəzifəsi dövlət başçıları tərəfindən ona təklif edildisə də, o, az bir müddət qəsəbənin işlərinə baş çəkdi və sonra özü bu cur qulluqdan uzaqlaşmasına çalışıb, azad edilməsini istədi. 1261-ci il hicri rəbiəssani ayının əvvəli. Rus tarixi ilə 1845-ci ilin mart ayında yazıldı. İmzalar Şəhadətnamənin yuxarısında yazılmışdır: Bu vərəqənin altını möhürləyib imza edənlər mətndə yazılan məzmuna bu duagunun yanında şahidlik verdilər: Şeyxülislam, Tiflis axundu Məhəmmədəli * * * Şəhadətnamə Əlahəzrət imperatorun canişini cənablarının dəftərxanasının mütərcimi Mirzə Fətəlinin ata-babasının iranlı olması, qüdrətli dövlətin varlığına duagu olan mənə məlum və aydındır. Ona görə də, hazırda ki, təsadüfən bu yerlərə gəlib çıxmışam və Mirzə Fətəlinin özünün də bu barədə məlumat əldə etmək istədiyini bilib, onun övladı və xələfləri üçün əsil-nəsəbi haqqında müxtəsər məlumat vermək məqsədi ilə bu kağız bizim tərəfimizdən yazıldı. Onun nəsli türkmən tayfasındandır. Bu nəsil uzun zamanlar Azərbaycanda yaşayıb, ölkənin nəcib adamlarından sayılıb, həmişə xalq arasında əziz tutulmuşlar. Onun atası şəniyüksək Mirzə Məhəmmədtəqi, Əhmədağa övladından olub, təxminən 30 il bundan əvvəl Xamnə qəsəbəsinin kətxudası idi. O qəsəbənin ətrafındakı bir neçə kəndlərin də bütün mülki işlərini idarə etmək, müəyyən bir maaşla İran dövləti başçıları tərəfindən ona tapşırılmışdı. O cənabın bir müddət vətəni tərk edib, qürbətdə yaşamasına səbəb olan hadisə bundan ibarətdir: məzkur qəsəbənin kətxudası olduğu zaman üç nəfər sərbazı oğurluq etdiklərinə görə, öz ixtiyarı və İranda mövcud olan adətə müvafiq olaraq, məsuliyyətə cəlb edib, ayaqlarına çubuq vurdurmuş və saçlarını kəsmək əmrini vermişdi. O vaxtlar nizami qoşun təşkili və bu cür qoşun təliminin başlanğıc dövrü olduğundan, camaatı yeni qoşuna təşviq edib, həvəsləndirmək lazım sayılırdı. Buna görə də şəniyüksək Mirzə Məhəmmədtəqinin məsələdən xəbərdar olmaması üzündən, həmin üç nəfər sərbaz barədə görülən cəza tədbiri onların sərtipi bakılı İbrahim xanın şərarətinə imkan vermiş oldu. O, naibüssəltənə mərhum şahzadə Abbas Mirzəni də fövqəladə qəzəbləndirdi və nəticədə, əvvələn – şəniyüksək Mirzə Məhəmmədtəqi Xamnə qəsəbəsi və başqa kəndlərin hakimi vəzifəsindən çıxarıldı. İkinci – cərimə və müsadirəyə məruz qalaraq var-yoxunun çox hissəsi olan 12 min tümənlik əmlakından keçməli oldu. Bu hadisədən o, bir müddət tərkvətən olmuş və vətənə qayıtdıqdan sonra keçmiş xidmətləri müqabilində, Xamnə kətxudalığı dövlət başçıları tərəfindən ona təklif olunmuşsa da, o cənab az bir müddətdə həmin qəsəbənin bir para işlərinə baş çəkmiş, lakin sonra özü bu cür divan qulluğundan imtina edib, bu vəzifədən azad edilməsini xahiş etmişdir. Müsəlman tarixi ilə 1261-ci il şəvvaləl-mukərrəm ayının sonlarında, miladi tarixlə 1845-ci ilin oktyabr ayında Tiflis şəhərində yazıldı. * * * Kitabxana.az · https://kitabxana.az/collections/axundzade-mektublar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1878). Public domain (author died 1878). Original text only.