Fəlsəfi, ədəbi-tənqidi və tarixi məqalələr Mirzə Fətəli Axundzadə (1812–1878) [Həkimi-ingilis Yuma cavab] Miladi 1768 tarixində Yum adlı bir ingilis həkimi Hind və Bombey müsəlman alimlərindən bu fəlsəfi məsələni soruşmuş və onlardan cavab istəmişdir. Lakin bu vaxta qədər islam alimləri tərəfindən bu məsələyə aid qəti, qaneedici bir cavab verilməmişdir. Məsələ budur: Hər varlığa bir səbəb lazımdır, çünki heç bir varlıq öz-özünə vücuda gələ bilməz. O halda bir varlıq olan bu kainat da var ola bilmək üçün bir səbəbə möhtacdır ki, bu səbəb onun yaradanıdır. Bu bir əqidədir ki, hər millətin şəriətçiləri filosoflara qarşı üluhiyyətin isbatı üçün dəlil gətirirlər. Bu əqidənin rəddinə filosoflar cavab verirlər: Bu halda səbəb də öz-özlüyündə bir varlıqdır, buna da başqa bir səbəb lazım gəlməlidir; o başqa səbəb də eyni surətdə, nəticədə nəhayətsizdir. Bu keyfiyyət isə ağılabatan deyildir. Çünki ağlın hökmünə görə səbəblərin silsiləsi bir yerdə dayanmalıdır, yoxsa silsilələnmə lazım gəlir. O halda ağlın hökmünə görə hər varlığa səbəb lazım olması xüsusda şəriətçilərin gətirdikləri dəlillər yanlışdır. Doğrudan da şəriətçilərin, səbəbiyyəti sübut etmək barəsindəki dəlillərinin zəifliyi gün kimi aydındır. Filosoflar şəriətçilərə deyirlər: Səbəblərin silsiləsi ya sonsuz olaraq uzanmalıdır, ya da siz bir yerdə duraraq e’tiraf etməlisiniz ki, varlıqlardan bir varlığa səbəb lazım gəlmir. Birinci surətdə silsilələnmə lazım gəlir, ikinci surətdə isə varlıq üçün səbəbiyyət rəf’ olur və sübut olunur ki, vücud səbəbsiz ola bilər. O halda biz nə dəlil ilə təsdiq etmirik ki, o səbəbsiz vücud yaradıcı ləqəbi ilə mə’ruf olan, mövhum və şübhəli vücud deyil, bu görülən və hiss edilən kainatın özüdür? Pəs, ey şəriətçilər, siz nəyə istinadən deyəcəksiniz ki, kainatın varlığına bir səbəb müqəddəm olmalıdır? Halbuki, bizim və sizin e’tiqadımıza görə müəyyən bir yerdə dayanmaq zəruridir. O halda, aya, incəlikləri sezən ağlın fitvası ilə bu kainatın öz varlığında dayanmağımız layiq deyildirmi? Şəriətçilər bu e’tirazı rədd etməkdə aciz olub, istər-istəməz cavab verirlər: Biz varlığı iki qisim bilirik. Onlardan biri varlığı mümkün olandır ki, bu kainatdır və bu varlığa səbəb lazımdır. O birisi, vacibülvücuddur ki, cənab Allahın zatıdır, bu varlığa səbəb lazım deyil. Bəli, biz silsilələnmə qorxusundan bir yerdə dayanmağa məcburuq. Lakin varlığı mümkün olan bu kainatda durmuruq, çünki ona səbəb lazımdır, bəlkə vacibül-vücud cənab Allahda, – ki varlığı mümkün olanın səbəbidir, amma özünə səbəb lazım deyildir, – dayanırıq. O halda bu dəlil ilə üluhiyyətin və yaradanın sübutu çətin olmaz. Əgər varlığın mümkün və vacibə bölünməsi mö’təbər olsaydı, bu dəlili mö’təbər saya bilərdik. Şəriətçilərin nəyə istinadən varlığı mümkün və vacibə böldüklərini mülahizə edək. Şəriətçilər deyirlər ki, biz əşyanı səbəbə möhtac görürük; məsələn, nütfə doğurana möhtacdır, toxum ağaca möhtacdır. Elə isə bu əşya toplusu olan kainat da səbəbə möhtac olur. Bu halda kainat varlığı mümkün olandır və onda dayanmaq mümkün deyildir. Bu təsəvvürlə biz hökm edə bilərik ki, səbəbə lüzumu olmayan bir varlıq olmalıdır, o da vacibül-vücuddur. Bu mə’nada ki, öz varlığında başqa varlığa möhtac deyildir; bəlkə onun özü bu kainatdan ibarət varlığı mümkün olanın səbəbidir. Bu vacibül-vücudda dayanaraq onu Allahdan başqa hər şeyin səbəbi saymalıyıq. Filosoflar bu e’tiqadı bu dəlil ilə e’tibar dərəcəsindən salırlar. Ey şəriətçilər! Əşya öz mahiyyət və əslində səbəbə möhtac deyil, o ancaq bir növdən başqa bir növə, bir haldan ayrı bir hala keçməsində və növləşməsində səbəbə möhtacdır. Məsələn, nütfə və toxum öz mahiyyət və zatında deyil, bir halətdən başqa bir halətə keçməsində və növləşməsində doğurana və ağaca möhtacdır. Bizim münaqişəmiz növləşmədə və dəyişmədə deyil, varlıqdan məqsədimiz əşyanın mahiyyətidir və bu mahiyyət bu varlıqdır! – heysiyyətincə tamamilə yoxluğun ziddidir, külli-varlıq heysiyyətincə kamil və əhatəedicidir; yə’ni maddeyi-kəsəratın cəmedicisidir. Kəsərat isə öz növləşmə və dəyişmələrində bir-birinə möhtacdır. O halda əşyanın mahiyyəti vacibülvücuddur və əşyanın məcmuu olan kainat başqa mahiyyətə möhtac deyildir və bir səbəbə lüzumu yoxdur və kainatı mahiyyətcə varlığı mümkün saymaq olmaz və səbəbə də möhtac olmasını düşünmək olmaz. Əks təqdirdə silsilələnmə göz önündədir. Vahid və vacib bir varlıq olan əşyanın mahiyyətinə, yoxluq nə sibqət etmişdir, nə də onun sonu olacaqdır. Əşya mahiyyətinin nə əvvəli var, nə də sonu olacaqdır. Amma onun çoxluqdakı növləşmə və dəyişmələri dənizin mədd və cəzri kimi sonsuz bir şəkildə görünür və müşahidə olunur. Bu dəlili eşitdikdən sonra şəriətçilər filosoflarla mübahisələrində sükut edib heyrətlərindən mat və mütəhəyyir olarlar. * * * [Molla Ələkbərlə mübahisə] Hicrətin 1290-cı ilində polkovnik Mirzə Fətəli Axundzadənin Qafqaz ruhani idarə- sinin üzvlərindən biri olan səlyanlı Axund Molla Ələkbərə göndərdiyi məqalənin surəti. Bəhai “Ərbəin”də demişdir ki: “Bir çox ixtisaslı və ixtisassız alimlərin rə’ylərinə görə əzabdan qurtarmaq və savab əldə etmək + məqsədi ilə olunan ibadət batildir”. Ğəzali də “Ehyaül-ülum”da demişdir ki: “İxlas, bəndənin ibadət vaxtında bütün həzz və arzuları unutmasından ibarətdir”. Bəhai ilə Ğəzalinin hər ikisinin sözlərinin mə’nası, “Bizi əlindən qəzəbləndiyin azmış adamların yolu ilə deyil, düz yol ilə, ne’mətini gözlədiyin adamların yolu ilə apar” ayəsinin və qunut duası olan: “Ey Allahımız, dünya və axirətdə bizə yaxşılıq ver və bizi cəhənnəm əzabından saxla” ayəsinin mə’nasına ziddir; çünki hər iki ayədəki məqsəd şəxsi mənfəəti güdmək və zərəri özündən dəf’ etməyi tələb etməkdir. O səbəbə görə də, biz “Əlhəmd”də Allahın qəzəbinə tutulanları deyil, salehləri o yola çatdırdığı kimi ne’mətə yetişdirəcək və qəzəbdən xilas edəcək yola çatmamızı istəyirik. Qunut duasında da dünya və axirətdə yaxşılığı və cəhənnəm əzabından qurtulmağı istəyirik. Bu təqdirdə Bəhainin və Ğəzalinin dediklərinə görə bəndələrin ibadətinin batilliyi aydıncasına sübuta yetir və eyni surətlə bu, imam əleyhissəlamın sözünə görə də batil olur; çünki ibadət edən, günahına görə deyil, ibadətinə görə həlak olur, o livat və zina etmir, bəlkə Allah üçün ibadət edir; buna görə də o, abid ləqəbini almışdır. Bu surətlə, həlak olmasına da başqa səbəb yoxdur. Aya, bu bizlərə gecə-gündüz namaz qılmağı və hər il ramazan ayını oruc tutmağı əmr edən şəriətçilərlə yuxarıda zikr edilən hükəmanın rə’yləri arasında ziddiyyət deyil, bəs nədir? Burada hükəmadan məqsədimiz Bəhai, Ğəzali və imam əleyhissəlam, şəriətçilərdən də məqsədimiz Axund Molla Ələkbər və onun kimilərdir. Münaqişə və mübahisə etdiyimiz məsələnin bəyanını asanlaşdırmaq üçün ona vacib olur ki, ya bu ziddiyyəti qəti dəlillər ilə rədd etsin və ya ixlas və Allah rizası üçün olmayan namaz və oruc kimi faydasız ibadətləri bizə təklif etməsin. Necə ki, bu vəziyyətin varlığı ilə mən bir hakimi, mərhəmətlərinə tamah edərək və qəhrindən qorxaraq mədh etsəm, ixlaskar olmaram. Əgər Axund Molla Ələkbər ziddiyyəti rəf’ edəcək sübutlar gətirməkdə aciz qalıb, bununla bərabər bizə oruc və namaz təklif etməkdə israr edərsə, qətiyyən ona itaət etməyəcəyik. Zarafatı başqa vaxta qoyuram. Vallah, dini işimizdə sözüaçıq olmaq üçün bu çətin məsələni düşünmək və bu iki müxtəlif halın arasındakı ziddiyyəti qaldırmağa çalışmaq mənə və idarə sədri şeyxül-islama qəti surətdə lazımdır. Çünki onlardakı ziddiyyət zehnlərə aydındır. Bununla bərabər bunu başqa bir yol ilə bəyan etməyə ehtiyac yoxdur. Hər bir düşüncəli adam bir az fikirləşsə, onu anlar. Əgər Axund Molla Ələkbər “burada imamın ibadət edəndən məqsədi Allaha saf ürəklə ibadət etməyib riya ilə ibadət edənlərdir” desə, biz də deyərik ki: əgər imamın sözü xüsusiliyi ifadə etsəydi, sənin sözün doğru olardı, halbuki bunun xilafına olaraq ümumiliyi ifadə edir. Əgər ruhanilik idarəsinin əhkamına əməl etmək barəsində şə’şəəli Rusiya dövlətinin verdiyi qanun mənə yol versəydi, bu məsələnin həlli üçün Kərbəla alimlərinə müraciət edərdim; çünki onlar müctəhiddirlər və xalq da onlara təqlid edir. Təqlidçi kimdir? Təqlidçi müctəhidin əmr etdiyi loğmaları – istər ləzzətli xörək loğmaları olsun, istərsə sarı bəlğəm olsun – çeynəmədən udmağa məcbur olan şəxsdir. Ey mö’minlərlər, qəflət yuxusundan ayılın, bəlkə nəcat tapasınız; çünki sizin dörd tərəfinizdəki qonşularınızx oyanmışlar və yüksək mərtəbəyə çatmışlar. Halbuki siz cəhalət qaranlığında qalıb köləlik bağı ilə bağlı və azadlıq ne’mətlərindən məhrumsunuz. Bunu da biliniz ki, bu iki müxtəlif halın arasında ziddiyyəti qaldırmaq, o hükəmanın sözünə olan ixlasın mütləqa inkarına, ya da ibadətin vacib olmasındakı nəssi tərk ilə namaz və orucu inkar etməyə bağlıdır. Bu hal iki cəhətdən də çətin işlərdəndir. Əgər bu iki tərəfin birinin qəbulunda mənə ixtiyar versəydiniz, mən ikinci tərəfi qəbul edib oruc və namazı tərk edərdim, fəqir və yoxsullara ehsan və sədəqə vermək, bütün fisq-fücurdan çəkinmək, aciz və düşgünlərə zülm etməmək şərti ilə Allah-taalaya yalnız ixlas ilə kifayətlənərdim. Bu, əsrimizdə Firəngistan hükəma və filosoflarının qəbul etdikləri e’tiqaddır. Çünki Allahın bizim ibadət, səcdə və tə’zim etməyimizə ehtiyacı yoxdur. Bunlar ailəmiz və özümüz üçün ruzi qazanmaq vaxtını boş yerə sərf etməkdən başqa bir səmərə verməz. Vəssəlam. * * * “Yek kəlmə” haqqında Təbriz naibül-vüzarəsi Mirzə Yusif xan cənablarına, 8 noyabr 1875-də yazdığım məktubun surətidir. Əzizim! İndi də “Yek kəlmə” xüsusunda bir neçə kəlmə danışaq. “Yek kəlmə”ni başdan-başa oxudum. Misilsiz kitabdır, gözəl yadigardır və faydalı nəsihətdir. Lakin ölmüş millət üçün yazılmışdır. Məgər İranda nəsihətə qulaq asan varmı? Keçmişlərdə Avropada da belə zənn edirdilər ki, zalimə zülmü tərk etdirmək üçün ona nəsihət etmək lazımdır; sonra gördülər ki, nəsihət zalimin təbiətinə qətiyyən tə’sir etmir. Buna görə də millət özü, dinin maniəsizliyi sayəsində elmlərdə tərəqqi edərək birliyin faydalarını anladı və bir-biri ilə yekdil-yekcəhət olub, zalimə müraciətlə dedi ki: Səltənət və hökumət büsatından əl çək!.. Ondan sonra kitabınızda izah etdiyiniz konstitusyonu millət özü ümumi iş və ədalətin icrası üçün icad etdi. Aya, sizin millətiniz də zalimə “səltənət və hökumət büsatından əl çək!..” deməyi bacararmı? Heç vaxt!.. Sonra. Siz ədalətli idarə üsulundan söhbət açaraq şəriət ehkamına istinad etmişsiniz. Çox yaxşı! Baxaq görək, aya, şəriətin özü ədalət çeşməsidir, ya yox? Əgər şəriət ədalət çeşməsi isə, konstitusyonun birinci əsası olan hüquq bərabərliyini mühakimələrdə icra etməlidir. Hüquq bərabərliyi yalnız kişi tayfasınamı məxsusdur? Şəriətin nə haqqı var ki, qadın tayfasını hicab ayəsi vasitəsi ilə daimi həbsə atıb, ömrü boyunca bədbəxt edir və yaşamaq ne’mətindən məhrum edir? Kişilərin hərəmxanada xidmət etmələrinə hicab hökmü icazə vermir. Varlı adamlar hərəmxanada qulluq etmək üçün labüdd və naçar xacələri satın almağa talib olurlar və buna görə də çox azğın adamlar, öz dünya mənfəətləri üçün günahsız uşaqları xacə edib islam məmləkətlərində satırlar. Əgər hicab ayəsi nazil olmasaydı, o azğınlar bu alçaq işə əl qatmazdılar, çünki onun heç bir başqa mənfəəti yoxdur. Sonra. Bir zimmi bir müsəlmandan on tümən rul iddia edər; müsəlman inkar edər. Hər ikisi, mürafiə məqsədi ilə qazinin hüzuruna gedərlər. Qazi zimmidən şahid istər. Şikayətçi zimmi, vilayətin mö’təbər tacirlərindən dörd nəfər zimmi şahid gətirər. Qazi o dörd nəfər zimminin şahidliyini e’tibarlı saymaz və şikayətçi zimmidən müsəlman şahid istər. Şikayətçi zimmi, müsəlman şahid tapmaqda acizlik çəkər. Bu səbəbdən haqqı hədər olar, qazinin məhkəməsindən ahü-fəryadla bayıra çıxar və söylər: “Ey Allah, bu nə qanundur, bu nə divandır!”. Məgər mühakimələrdə bərabərlik belə olar? Əgər şəriət ədalət çeşməsi isə, o, konstitusyonun üçüncü əsası olan şəxsi azadlığı icra etməlidir. O halda şəriət hətta islamiyyətin qəbulundan sonra da bütpərəstlərdən və müşriklərdən qul və kənizlər alıb-satmağa nə üçün icazə verir? Məgər bu ən alçaq zülm deyilmi və azadlığa zidd deyilmi? Keçmişdə Avropada isəvilər Tövratın fitvasına əsaslanaraq bütpərəst və müşrik qullar və kənizlər alıb-satmağı caiz sayırdılar və deyirdilər ki, Musa bütpərəstlərin və müşriklərin alınıb-satılmasını halal, hətta vacib etmişdir... O tərəfdən ingilis qalxaraq dedi ki, Musa anlamamışdır; bütpərəstlər və müşriklər də bizim kimi insandırlar, bizim qardaşlarımızdırlar. E’tiqad ayrılığı sayəsində insan növü azadlıq hüququndan məhrum ola bilməz. Buna görə də qul və kənizləri alıb-satmağı köhnə və yeni dünyanın hər bucağında qəti surətdə qədəğən etmişlər. Rus dövləti də bu yaxın zamanlarda Xivədə özbək tayfası ilə bir şərt bağlamışdır ki, qul və kəniz alveri aradan qaldırılsın və cəza olaraq adam öldürmək qədəğən edilsin. Əgər şəriət ədalət çeşməsi isə, konstitusyonun dördüncü əsasını həyata keçirməlidir. Bu surətdə: nə deməkdir? Bir azad kişi ilə bir azad qadın, evlənmək qeydi olmadan, hər iki tərəfin razılığı üzrə bir-biri ilə yaxınlıq edirlər. Şəriətin nə haqqı var ki, onlardan hər birinə yüz taziyanə vurdurur? Bu iş insan şəxsiyyətinin tam əmniyyətinin ziddinə deyilmi və ədalətə müxalif deyilmi? Əgər bu ayədən şəriətin məqsədi şərəf və namusu qorumaqdırsa, bu ayə, əri olan qadın ilə arvadı olan kişinin zina etməsinə aid olmalıdır. Bu qanunu azad kişi və azad qadın haqqında icra etmək zülmdür. Əgər o kişi və qadının namusu öz əməlləri üzündən bada gedirsə, bunun fikrini onların özləri çəkməlidirlər. Onların namusunu qorumaq istəyən şəriətin müdaxiləsi azadlıq və əmniyyəti almış olur. Bunlardan hansı daha lazımlıdır, namus, ya azadlıq və əmniyyət? Əgər şəriətin məqsədi onları cəzalandırmaqla başqalarına ibrət vermək isə, başqaları öz namuslarını qorumalıdırlar. Bəs nə üçün Quranda müt’əyə icazə verilmişdir? Hər iki tərəfin də razılığı müt’ə deyilmi? Daha nə üçün cəza verir? Əgər şəriət desə ki, müt’ənin icra edilməli bir siğəsi vardır, yə’ni o kişi ilə qadının yaxınlığı rəsmi olmamışdır, o vaxt insaf edin, rəsmiyyətə rəayət etməmək üstündə yüz taziyanə yemək çox çətindir və bu böyük zülmdür; bundan sonra nə azadlıq və nə əmniyyət?.. Bundan başqa, bütün fiqh kitablarında həzrəti-rəsul əleyhissəlam haqqında yazılmışdır: Məgər bu, insanın namusuna təcavüz deyilmi? Ədalət çeşməsi birinci olaraq ədaləti özü pozmalıdırmı? Sonra. Mən alnımın təri ilə beş tümən pul qazanmışam; nə üçün şəriət onun beşdə birini müftəxorlara verməyimi hökm edir? Yaxud yüz tümən pul qazanmışam; nə üçün şəriət hökm edir ki, bu pulu özümlə götürüb həccə gedim və onu qəlbiqara və yolkəsən ərəblərin ehtiyaclarına xərcləyim? Bu hökmlər xalq malının tam əmniyyətinə zidd deyilmi? Bu, insanların malına yeyələnmək deyilmi? Şəriətin özü xümsü və həcci vacib etməklə bütün insanların malına yiyələnməyə imkan verir. Halbuki zəkat, fitrə və sədəqənin millətə faydası olduğu halda, onların qətiyyən millət üçün faydası yoxdur. Amma xalq bə’zi adamların malının əmniyyəti üçün qanununu icra edir. O halda dinarın dörddə birini oğurlamaq cəzasını alaq. Mə’lumdur ki, oğru özünü dolandırmaqda acizlik çəkdiyi üçün oğurluğa əl atır. Əgər onun əli kəsilərsə, aydındır ki, həyatını tə’min etməkdə daha aciz qalacaqdır. O zaman ya təkrar oğurluğa əl atmalıdır, ya da acından ölməlidir. Buna görə də insan əli kəsmək həqiqətdə bir insanın həyatını təhlükəyə salmaq deməkdir. Halbuki dinarın dörddə birini oğurlamağın cəzası olaraq oğrunun əli kəsilməyib ona başqa bir cəza verilərsə, ehtimal var ki, o, tövbə edər, bir vəsilə ilə məişətini qazanmağı bacarar və öz həyatından bir fayda görər. Dünyada heç bir ne’mət həyatın əvəzi deyildir və onu hər cüz’i şey üstündə tam bir ədalət tələbi olaraq azad insanlardan almaq olmaz. Əgər şəriət ədalət çeşməsi isə: Bu çox yaxşı. Bəs nə deməkdir? Tutaq ki, mən bir müşrikə üstün gəlmişəm. ayəsinə görə onu öldürməyə haqqım vardır. Aya, bu zülm deyilmi və dördüncü maddə olan can toxunulmazlığına zidd deyilmi? Əgər müşrikin bir neçə Allaha inanması xudavəndi-aləmə xoş gəlmirsə, qoy o öz Əzrailini göndərsin ki, müşrikin canını alsın; daha nə üçün çirkin cəlladlıq peşəsini mənim öhdəmə həvalə edir və bir günahsızın qanını mənim əlimlə tökdürür? Xülasə, adam öldürmək, bədən üzvlərini kəsmək və ağac vurmaq barbar və vəhşi tayfaların sifətidir; Allahın şə’ninə layiq deyildir. Avropada müqəssirləri cəzalandırmaq və insanların asayişini tə’- min üçün başqa tədbir görürlər; çünki ingilis filosoflarının təhqiqinə görə isbat edilmişdir ki, adam öldürməyin cəzası olaraq qatili e’dam etmək başqalarının asayişi üçün bu növ cinayətləri nəinki aradan qaldırmır, hətta qətiyyən azaltmır. İkinci bir adamı öldürmək əbəs və bihudədir, ondan heç bir məqsəd hasil olmur. Buna görə filosoflar insanların asayişi naminə, qatil haqqında bir cəza düşünmüşlər ki, bu növ cinayəti ya tamamilə aradan qaldırsın, ya da azaltmış olsun. Bu gün Avropada bir cinayətkarın öldürülməsi haqqında hökm verməyə çox az təsadüf edilir. Aya, Şərqdə o ayələri pozmağa imkan varmı? Əgər şəriət ədalət çeşməsi isə, konstitusyonun on yeddinci maddəsini icra etməlidir. Mən oruc tutmuram, namaz qılmıram, mənə cəza vermək Allahın işidir, şəriət nə üçün mənə hədd vursun və mənim haqqımda əzab və cəzanı, hətta ölümü belə rəva görsün. Nə isə... İşin əlacı nəsihət və və’z etməkdə, məsləhət verməkdə deyil; göz qabağında olan bu əsas kökündən, dibindən qoparılmalıdır. Bununla bərabər sizin kitabınız təqdirə layiqdir. Heç olmazsa azçox şüuru olan hər bir oxucu biləcəkdir ki, siz məsələni anlamısınız və sizin ürəyinizin yanması qeyrətdən, vətənpərvərlikdən və millətpərəstlikdəndir. Sizə elə gəlir ki, şəriət hökmlərinin köməyi ilə Fransa konstitusyonunu Şərqdə həyata keçirmək olar; yə’ni zülmü aradan qaldırmaq olar. Yox, qətiyyən belə deyil! Bu çətindir və mümkün olan şey deyil. Əməvilər və Abbasilər əsri şəriətə daha yaxın idi. Zülmün və despotizmin binasını islamiyyətdə əvvəlcə bunlar qoydular. Elə isə şəriət hökmləri var olduğu halda, zülm davam edir?! Ədaləti yerinə yetirmək və zülmü aradan qadırmaq ancaq yuxarıda dediyim şəkildə mümkündür; yə’ni millətin özü bəsirət və elm sahibi olmalı, ittifaq və yekdillik əsaslarını əldə etməli, sonra zalıma müraciət edərək deməlidir: Səltənət və hökumət büsatından əl çək!.. Ondan sonra, özü zamanın vəziyyətinə uyğun olaraq qanun qoyub konstitusyon yazmalı və ona əməl etməlidir. O zaman millət yeni həyat tapacaq və Şərq torpağı gözəl cənnət kimi olacaqdır. Baba, mənə nə var axı! Vallah, mən bu sözləri yazmağa peşimanam. Nə edim, “Yek kəlmə”ni gördüm, qanım coşdu, ağlımı itirib sayıqladım; tövbə edirəm; * * * Fehristi-kitab İnsan təbiətində iki ümdə xasiyyət qoyulubdur: biri qəm, biri fərəh; a ğ l a m a q – əlaməti-qəmdir, g ü l m ə k – əlaməti-fərəhdir. Gahi məsaibin vüquu və müfərrihatın süduru və gahi onların təqriri və ya təhriri bu iki haləti, təbiəti-insanda zahir edər. Təqrir və təhrir surətində qəm və fərəhə və giryə və xəndəyə ümdə müəssir vəz’i-hekayətdir. Əksər övqat namərğub vəz’lə zikr olunan müsibətdən adəm mütəəssir olmaz; lakin haman müsibət özgə, pəsəndidə vəz’ ilə nəql olunduqda kəma-yənbəği tə’sir bağışlar; necə ki, naqis və kamil mərsiyəxanların məclisində bu iki keyfiyyəti biz mükərrər müşahidə edirik. Əgər nəqli-müsibət və ya behcət təbaye və əxlaqi-bəşəriyyəni kəma-filvaqe bəyan etməklə təbiəti-müstəmiə məqbul və müəssir düşdü, haman nəqlin vazeinə və müsənnifinə həkimi-pövşənrəvan və arifi-təbaye-insani deyərlər və naqili-kamilinə süxənguyi-qabil. Faideyi-nəqli-müsibət və behcət, bəni-növ’i-bəşərin əxlaq və xəvassını bəyan etməkdir ki, müstəme’ yaxşılarına xoşhal və amil və yamanlarından mütəəzzi və qafil ola və həm nəfsi-əmmarə bu gunə hekayatın istimaına məşğul olmaqda ləzzət görüb məasi və mənahidən cəlbi-sürur etməyə meyl eləməyə. Məmaliki-Firəngistanda ərbabiüquli-səlimə bu əmrin faydasına bərxurd olub ə’sari-qədimədən hər şəhri-əzimdə imarəti-aliyə “teatr” ismi ilə bərpa edibdirlər ki, bu imaratda gah keyfiyyəti-müsibət və gah keyfiyyəti-behcət, bəvasiteyi-təşbihat izhar olunur. Milləti-islam arasında bu zamana qədər ancaq nəqli-müsibət mütədavildir, bəvasiteyi-təqrir və təşbih. Bu həm kəmali-qüsur və nöqsan ilə; yə’ni əvvələn məsaibin vəz’i-inşası müvafiqi-vaqe və mütabiqitəb’i-insani əmələ gəlməyibdir və saniyən naqillərinə bəsirət üzrə tərbiyət olmayıb. Hər kəs xudsər bu əmrə iqdam edib ləvazimatından cahil və şəraitindən qafildir. Və salisən bu əmri-əzimin icrası üçün milləti-islam arasında hərgiz tədarükat mühəyya deyil. Ona binaən keyfiyyəti-təşbihat – ki, dünyanın ələzz ne’mətlərindən birisidir, – rayət rəkakətdə zühur edər; məsələn, bir cüz’i işə dəxi ki, şəbih, haləti-mütəkəllimdə qare nəzərə gəlməsin, çarəcu olmayıblar. Və hər şəbih ki, gərək əzbərdən müvafiqi-istilah mükalimə etsin, görürsən ki, bir vərəq kağızı əlinə alıb ibarəti-qəlizə ilə mürasilə oxuyur. Belə halət ilə şəbihin təqriri necə təbiəti-insana müəssir düşər? Amma nəqli-behcət bəvasiteyi-təşbihat hərgiz rəsm deyil və bu xüsusda bu hala qədər heç bir təsnif yazılmayıbdır. Bavücudi ki, nəqlibehcətdə məvaizi-əcibə və nəsayihi-qəribə mütəzəmmindir. Və əgər bu məvaiz və nəsayih behcətəfza və tərəbəngiz vəz’ ilə bəyan olunmasa, hərgiz təbiəti-xass və ammə onların istimaına rağib olmaz. Behcət nəqlinin məclisini o qərar ilə ki, Firəngistanda mütəarifdir, kəmali-diqqət ilə mülahizə edəsən, xilafi-həya və ədəb bir şey onda görünməz. Çün əmiri-ə’zəm və süpəhsalari-əkrəm və canişini-ə’lahəzrətiimperaturi-əfxəm, sərkari-əşrəf və əmcəd knyaz Vorontsov, fərman-fərmayi-məmləkəti-Qafqaziyyə sənə 1266-da şəhri-Tiflisdə bir imarəti-aliyə teatr ismi ilə bərpa edib baladə məzkur olan mənafeikülliyyənin vəsaili-iktisabına məxarici-kəsirə sərf və hər bir əhli-elm və əmələ bu mənafein intişarına təqviyət etmək üçün külli himayət və inayət zahir buyurdu, lihaza mən dəxi milləti-islamı bu əmri-qəribdən müstəhzər etmək üçün bərsəbili-imtəhan altı təmsil, bir hekayət təsnif etdim. İndi cümləsini bir mücəllədin içində ərbabi-kəmalə mə’- ruz edib başqa müsənniflər kimi basdırıb təvəqqe etmirəm ki, nikü bədindən iğmaz etsinlər; bəlkə təmənnam odur ki, bu elmi-cədidə müxbir olub bəqədri-qüvvə əmsalını təsnif etməyə iqdam edələr ki, onların ehtimamından bu fənni-əcib islam arasında dəxi şöhrət tapa. Və məndən ancaq əndazə və nümunə göstərmək idi və baniyi-kar olmaq. Xitab bər katib Çün türki dilinin imlası xüsusunda bu anə qədər bir qaideyi-külliyyə mərqum olunmayıbdır, ona binaən mən təmsilatımın imlasında istilahı dəstaviz etdim. Və mənim əqidəm budur ki, əgər təkəllümdə məzkur olunan əlfaz, istilahi-xass və ammdə və iste’mali-alim və cahildə müştərək oldu, imlası hini-kitabətdə sövti-mütəkəllimə mütabiq yazılsa uladır. Və gərək mültəfit olmamaq ki, bu əlfaz farsidən və ya ərəbidən mə’xuzdur və bunların imlası haman dillərdə qeyri-vəz’ ilədir. Zira ki, ləfzdən qərəz ifadeyi-mə’nadır və indi sənin dilində haman əlfaz bu imlaya müvafiq mütələffiz olub ifadeyi-mə’na edər və sənin mənzurun əmələ gələr. Dəxi nə xərc lazım olubdur ki, onları farsi və ya ərəbi dilinin imlasına çevirirsən ki, oxuyanda müstəmiə qərib və biganə görünür. Əgər qərəzin izhari-fəzldir, beş-on sözün imlasını əsl vəz’ə mütabiq yazmaqla fəzl zahir olmaz. Fəzlin şürutu çoxdur. Ona binaən təvəqqe edirəm ki, sən də mənim kimi adəmi, türki dilində – adam yazasan, töxmi – toxum, cifti – cüt, müqəyyədi – muğayat, övrəti – arvad, qaidəni – qayda və habelə özgə əlfazı ki, xəvass və avamın iste’malında müştərəkdir, fəqət xəvassa mütəəlliq olan əlfaz qoy öz imlayi-əslisində baqi qalsın; necə ki, təkəllümdə dəxi vəz’i-əslisi ilə tələffüz olunur. Və bəhs eləmə ki, dibaçədə özüm niyə bu qaydanı mər’i etməmişəm. Ondan ötrü ki, piş-əz vəqt bir e’lam lazımdır. Bundan sonra hər nə yazsam, öz bildiyim kimi yazacağam. Xitab bər naqil Mənim əzizim naqil – ki təmsilatımı oxuyacaqsan və ya hifz edib söyləyəcəksən, – gərəkdir biləsən ki, bu təmsilat məhz ibarətdir neçə nəfər əşxasın arasında vaqe’ olan güzarişin vəz’i-bəyanından və tərhitəşbihindən. Bu surətdə sənə lazımdır ki, hər bir şəbihin halətini onun mükaliməsindən fərq verib oxuyanda və ya təqrir edəndə, mustəmei iştibaha salmayasan. Hər şəbihin adının altında yazılan sözlər onun mükaliməsidir və bir para şəbih hini-mükalimədə əlin dizinə çırpır və ya ağlayır və ya gülür və bir para yerdə vəz’i-məclis bəyan olunur. Bu növ keyfiyyətlərin təkəllümə dəxli yoxdur. Gərək bunlar mükalimə tərzində oxunmaya. Və bir dəxi mənim təmsilatımı səyaqi-qədim və mütəarif üzrə oxumaq caiz deyil, gərək danışıq tərzində oxuna. Təəccüb yerində – mütəəccib ol, sual yerində – sail, xövf yerində – xaif ol, heyrət yerində – hayir, sükut yerində – sakit ol, zöhk yerində – zahik, büka yerində – baki ol, qeyz yerində – qaiz, şəfqət yerində – müşfiq ol, heybət yerində – mühib, istehza yerində – müstəhzi ol, çığırmaq yerində – çığır, ahəstə mükaliməni – ahəstə oxu, qoca mükaliməsində – qocamanənd söylə və erməni danışığında – erməni tələffüzünü mülahizə elə; qalan zad mövqufdur sənin öz qabiliyyətinə. * * * [Nəzm və nəsr haqqında] Hər dilin təkəllümü və kitabəti qərari-mütəarif üzrə nəsr ilədir və gahi bir para məzaminin fəhmindən ziyadə ləzzətənduz və mütəəssir olmaq üçün təkəllüm və kitabət şe’r ilə olur. Şe’r gərək laməhal ziyadə ləzzətə və hüzndə və fərəhdə ziyadə tə’sirə bais ola. Əgər olmasa, sadə nəzmdir. Və şe’r təbaye və adata və istilaha qərib əlfaz və məzamin ilə deyiləndə ləziz və müəssir düşəcək və ləvazimatdandır hüsni-əlfaz və təşbihat və təmsilat və tövzih və təsrih və sair mühəssənat. Əgər bunun xilafınca deyilsə, məzaci-müstəme’də onun eşitməyindən heç bir gunə təğyir hasil olmaz. Bu cəhətdəndir ki, əksər qəzəliyyat məzaci-insanidə hərgiz bir şövq və vəcd əmələ gətirmir. Bəs mə’lum oldu ki, şe’r əgərçi nəzm ilə olur, amma hər nəzm şe’r deyil. Məsələn: bir para mətalibi sühuləti-hifz üçün və hüsni-təbyin üçün nəzmlə zikr edərlər. Əlbəttə, belə nəzmlərə şe’r və naziminə şair demək xətadır. Tarixi-hicridən bu zamana qədər milləti-islam arasında bir kimsənə şe’r ilə nəzmə fərq verməyib, hər nazimin adına bərxilafi-həqq şair deyiblər. Şe’r əlahiddə bir bəxşi-ilahidir və maddeyi-qabiliyyətişair xudadadədir və təhsil və tərbiyət o maddənin ancaq inbisatına və əş’arın artıq zinətinə bais olar. Belə maddə sahibləri çox nadir vücuda gələrlər. Əhli-fürsdən ancaq Firdövsi və Nizami və Cami və Sə’di və Mollayi-Rumi və Hafiz şairdirlər. Bunların da qüsuru budur ki, bir para məqamda izhari-fəzl üçün xilafi-təbiətü adət göftgu ediblər. Belə məqamlarda onların xəyalatına da şe’r demək caiz deyil, ancaq mənzumati-məqbulə və pəsəndidə demək olur. Şe’r dərəcəsindən əsfəl, bunlardan masəva sairlərinin hərgiz şe’r maddəsi yoxdur. Ancaq sənətkardırlar ki, əlfaz hifz edib şüruti-nəzmə müvafiq haman əlfazı rişteyi-nəzmə düzürlər və hərgiz nəzmlərində bir tə’sir yoxdur; bəlkə əksərinin nəzmlərində heç məzmunu-səhih dəxi tapılmaz və bu sənət bir belə asan zaddır ki, hər bir məktəbdən çıxan kimsənələrin əksəri fürs arasında bir az məşq etməklə əlfazı nəzmə düzməyə qadir olur və belə kimsənələrə şair demək qələtdir. Bəhər surət, türk arasında dəxi bu zamana qədər mütəqəddimindən şair olmayıbdır. Füzuli şair deyil və xəyalatında əsla tə’sir yoxdur; ancaq nazimi-ustaddır. Amma mən əyyami-səyahətimdə səfheyi-Qarabağda Molla Pənah Vaqifin bir para xəyalatını gördüm ki, zikr etdiyim şərt bir növ ilə onda göründü və dəxi Qasım bəy Sarucaluyi-Cavanşirə düçar oldum ki, əlhət türk dilində onun mənzumatı mənim heyrətimə bais oldu. Ondan ötrü ki, dediyim şərt ziyadə onun mənzumatında tapıldı. Mənim əqidəmə görə tarixi-hicridən indiyədək türk arasında şair münhəsirdir məhz bu iki şəxsə. Bir də bir Məsiha var imiş, xəyalatı az tapılır. Bu iki şəxsin də fərqi bir-birindən budur ki, əgərçi Molla Pənah müqəddəm ərsəyə gəlib bu fənndə Qasım bəyə nisbət rəhnümadır və lakin ləzzət və tə’sir və mühəssənati-nəzmiyyə Qasım bəyin xəyalatında çoxdur. Məsələn: Qasım bəy qafiyatında öz məhbubəsi ilə bir növ müxatibə və mükalimə edir ki, adam valeh olur və vəqaye və güzarişatı və əhvali-müasirini və ətvari-pirü cavanı bir növ ilə bəyan edir ki, insan vəcdə və zövqə gəlir. Bunun xəyalatı binəzirdir. Ancaq bunun əş’arını oxuyanda müstəme inana bilir ki, şe’r vaqiən ləzzətə bais olurmuş. Lihaza, milləti-islamı şe’rlə nəzmin fərqindən vaqif və bu iki şəxsin haqqında arif etmək üçün onların mənzumatını – o miqdarda ki, dəstgir oldu, – bir mücəllədin içində basdırıb müntəşir edirəm. Taki, bundan sonra şe’r maddəsi ilə zühura gələn vücudlara nümunə və əndazə olsun və bunların əş’arını görəndən sonra bir para öz haqlarında müştəbeh olan nəzm sənətkarları şair olmadıqlarını anlayıb, bihudə özlərini zəhmətə salmaqdan və yavan nəzmlərin inşasına övqat sərf eləməkdən əl çəksinlər. * * * Mollayi-Ruminin və onun təsnifinin babında Məxdumi-mükərrəmi-mən, şeyxül-islam! Məsnəvini min əvvəlihi ila axirihi mütaliə etdim. Lihaza Avropa ərbabi-qələmlərinin səyaqınca Mollayi-Ruminin və onun təsnifinin babında öz əqidəmi bəyana gətirirəm. Bu növ bəyan, miləli-islam arasında rəsm deyil və lakin Avropada heç bir təsnif çıxmaz ki, onun və müsənnifinin xüsusunda lazimeyi-bəyan və mədh, ya zəmm və ya hər ikisi məxlutən əmələ gəlməsin. Əlhəq, bu gunə diqqət bir yaxşı şivədir ki, xanəndə üçün zühura gələn təsnifin və onun müsənnifinin haqqında bəsirəti-kamilə hasil olacaqdır. Çünki miləli-islamdan bu səfəhatda sizdən başqa bir sahibi-zövq tanımıram, ona binaən bu şivədən sizi xəbərdar edirəm ki, bari siz agah olub başqa ərbabi-zövqləri, əgər düçar olsalar, ondan xəbərdar edəsiniz. İndi gələk mətləb üstünə. Mollayi-Rumi bir alimdir bibədəl, bir fazildir binəzir: farsi və ərəbi dillərinə qayətdə müsəllət, a’yat və əhadisə layiqincə vaqif, əqidəsi əqideyi-hükəmayi-hind, yə’ni vəhdətivücuda qaildir. Bu qərar ilə ki, kainatı bir nuri-vahiddən sadir bilib haman nuru bir dərya misalında fərz edir ki, guya mövcudat və müzəhhərat o dəryaya nisbət qətərat və əmvac mənziləsindədirlər. Haman dərya guya vücudi-külldür və sair mövcudat və müzəhhərat haman külldən bir cüz’dürlər ki, qətərat və əmvac təşəkkülündə bir zaman o dəryadan uzaq düşüb sonra yenə o dəryaya övd edəcəklər və küllə vasil olacaqlar. Amma səhvi buradadır ki, haman vücudi-küllə iradə və ixtiyar qərar verir. Dəlailinin cümləsindən birisi də budur ki, Və guya vücudi-küll, iradə və ixtiyar ilə cüz’ləri aləmi-kəsarata və təəyyünata salıbdır. Pəs cüzlər gərək təlaş etsinlər ki, özlərini bir müddət seyrdən sonra yenə haman küllə vasil eləsinlər və guya bu visalın ümdə vəsiləsi fənadır, yə’ni fani olmaqdır ki, bəqayi-cavidani fənadan hasil olacaqdır. Bir də səhvi fənaya qail olmaqdır. Bu bir ləfzdir bilamə’na ki, nə hükəmayi-hind və nə hükəmayi-islam onun mə’nasına pey apara bilməyibdir. Amma hər kəs onu eşidibdir, fəhmini iddia edibdir. + Nəql edirlər ki, guya ibtidada Buddiyi-hindi bu əqidəni mütədavil edib vücudi-küllə vasil olmaq üçün onu vəsilə bilibdir. Amma fəna necə gərək olsun və nə qərar ilə olsun və aya, mümkünmüdür və nə halətdədir, heç kəs bu babda cəvabi-sərih verməyə qadir deyil. Bu xüsusda həzrəti-rəsul əleyhissəlam dəxi hükəmayihindin e’tiqadınca buyurubdur: Yəhtəmil, həzrəti-rəsul özü bu kəlamın mə’nasına vaqifdir, amma sair nasə onu məfhum etmək mümtənidir, əgər hər iki mövt mə’nayihəqiqəsində baqi qala. İngilis Hindistanı alandan sonra hükəmayi-Yevropa çox çalışıblar ki, fənanı anlasınlar; amma mümkün olmayıbdır. Ancaq bu əqidənin zikrini və ondan mənzur olan nəticəni kəmali-vüzuh ilə bəyan ediblər. Bu bəyanı mən bir rus kitabından təfislən yazıb götürmüşəm. Mülaqat vaxtında sizə nişan verərəm. Bir dəxi səhvi budur ki, ruha qaildir. Bu qərar ilə ki, guya ruh bədən müfariqətindən sonra baqidir və vücudi-küllə ruh vasil olacaqdır. Amma hükəmayi-Yevropa ruhu qaim binəfsihi bilmirlər. Onların e’tiqadı budur ki, ruh cismin müqtəziyatındandır və cism ilə qaimdir. Necə ki, qüvveyi-teleqrafiyyə bir para əczayi-mə’dəniyyənin imtizacında zühura gəlib iftiraqında zaildir, ruh dəxi cismin tərkibində zühura gəlib cismin mütəlaşi olmağında zail olur. Amma heç kəs bilə bilməz ki, ruh nədir, ya qüvveyi-teleqrafiyyə nədir? Bu səhvləri ki, mən Mollayi-Rumiyə isnad edirəm, öz əqidəm deyil, hükəmayi-Yevropanın əqidəsidir. Cənnətə və cəhənnəmə və həşrə dəxi Mollayi-Rumi qail deyil. Cənnətdən ibarət vücudi-küllün visalını bilir, cəhənnəmdən ibarət hicran aləmin fərz edir. Amma hər üçünün isbatında müvafiqi-şər’ o qədər çığır-bağır edir ki, adam mat qalıb, utanır desin: Kişi, sən kafir imişsən!.. Nübüvvətə və imamətə dəxi qail deyil; necə ki, sözlərindən mə’- lumdur. Xülasə, təmamən əqaidi müxalifi-şər’i-şərifdir. Amma əqaidini tülki və çaqqal əfsanələrinin içində bir tərz ilə gizləyibdir ki, duymaq çox çətindir; məsələn: bir əfsanə başlayır, əfsanənin ortasında bir söz toplayıb, əfsanəni kəsib ötür uzun-uzun təsəvvürata və təəqqülata; mətləbi ami xanəndənin nəzərindən itirir, onun zehnini pərt edir, sonra qəflətən natamam əfsanənin itmamına şüru edir. Xanəndeyi-ami ancaq buna xoşhal olur ki, yarımçıq əfsanənin riştəsi yenə ələ düşdü və canı naməfhum təsəvvürat və təəqqülatdan qurtardı. Dəxi xəbəri olmur ki, Mollayi-Ruminin mənzuru topladığı sözdə bitdi və arif xanəndəyə mətləb hali oldu. Sonra Mollayi-Rumi başlayır özünün e’tiqadına pərdəkeşlik etməyə, ibadətdən və riyazətdən dəm vurur, kəşfü kəramatın və mö’cüzatın isbatına cəfəng-cəfəng dəlail və xariqüladə əxbar zikr edir. Qisseyi-əshabi-kəhf kimi, Xizrin nağılı kimi və əmsali-zalik və ənbiya və övliyanın təsdiqində ayat və əhadis söyləyir; iti, pişiyi yığır bir yerə, ənva və əqsam pərpuçatı və həzliyyatı qatıb-qatışdırıb danışır, guya və’z və nəsihət libasında. Xanendeyi-amini lap yorur, çaru-çəng qoyur. Biçarə elə zənn edir ki, Mollayi-Rumi filvaqe’ bir pak e’tiqad vücuddur. Bu sayaq ilə Mollayi-Ruminin əqidəsi ami xanəndənin nəzərindən gizlənir. Onu şər’ən kafir deyib tutmağa hərgiz imkan yoxdur. Görünür ki, onun əsri çox xətərnak əsr imiş. Şiddəti-zövqdən və cəz- + bədən danışmaq istəyibdir, amma canından da qorxurmuş. O səbəbə naçar qalıb bu növ təkəllüfata mübaşir olubdur. Amma bu növ təkəllüfat əgərçi xoşayənd deyil və xilafi-məzaqi-musənnifini Yevropadır və lakin bir ustalıqdır ki, sair əfradi-nasa mümkün deyil. Mollayi-Ruminin ağlına və şüuruna və zövqünə heç söz yox, amma bir mərtəbədə cülük və yüngüldür ki, bizlər onun yanında bir vüqarlı və təmkinli adamıq! Cülüklükdə və cılfırlıqda bakılı mərhum Axund Molla Abdullaha çox-çox şəbahəti var... və həm bir mərtəbədə ərinməz və diraz nəfəsdir ki, sözlərini oxumaqdan xanəndənin hövsələsi təng olur, əksər mətalibi bəqeyr-əz-hikmət və əfsanəhayibaməzə köhnə və mündəris və biləzzət mətalibdir; bəlkə əqvalibimə’nadır ki, təkrarati-kəsalətəngiz ilə qələmə götürübdür. Başqa dillərdə tərcüməsi ədimul-imkandır; çünki mətləb müəyyən deyil, adda-budda sözlərdir, əlfəazi-cədidə ilə çevirib-çevirib təkrar edir, hansı kəlam ki, başqa dillərdə tərcüməyə gəlməsə, şəksiz, biməzmundur; məsələn, Ruhülqüdsün və Firdövsinin kəlamını Xəta dilində dəxi tərcümə edəsən, vazeh məzmun çıxar. Molla-Rumini sizə müşahidətən mə’ruf etmək üçün mən dəxi üç məsəl türki dilində nəzmə gətirib göndərdim. Amma onun kimi məğzi-mətləbi gizlədə bilmədim. Vaqeən Mollayi-Rumi məğzi-mətləbi gizləməkdə ustadi-kamil və hərifi-bimisldir. Məsəllərin bəhri, məsnəvi bəhrindən bir əlif əskikdir; çünki kamil məsnəvi bəhri türki dilində mütəarif deyil. Qocurda bikarlıqdan Mollayi-Ruminin vəsfini bir neçə gün özümə şüğl etdim, başqa qərəzim yox idi. Bu bəyanı Axund Molla Ələkbərə dəxi oxuyun və əgər sizdə mövcud olan məsnəvi şərhlərinin başında, ya axırında bəyaz vərəqlər varsa, bu bəyanı da o vərəqlərə yazdırın, müruri-dühur ilə yadigar qalsın. Və ixtisarən cavabımı təvəqqe edirəm göndərəsiniz rə’yinizin inzimamı ilə bu bəyanın haqqında. Müxlisiniz Mirzə Fətəli Axundzadə 8 iyul, sənə 1876, Yeylaqi-Qocur * * * Kritika YÜKSƏK İRANIN “MİLLƏT” QƏZETİ MÜNŞİSİNƏ Əziz qardaşım! 1283-cü il rəbiül-əvvəl ayının on dördü tarixində, cümə günü İranın “Millət” qəzeti Tiflis şəhərinə yetişərək, təqribən aşağıda zikr olunan şəkildə nəzərimə çatdı. Əvvəl bu ibarəni oxudum: “Mülk və padşahlığını Allahın daimi etmiş olduğu alicənab, mübarək şahənşahlığın əmr və qərarı ilə “Millət” qəzeti azadə yazılmışdır ki, xəvass və əvam ondan mənfəətbərdar olsunlar”. Bu ibarə zahirən onu göstərir ki, İran millətinin mənafeyi naminə hər kəsin nə cür fikir və xəyalı olsa, biduni-vahimə yaza bilər. Buna görə də mən həmin ibarələrə əsasən cəsarət edib, bir Qafqaz vətəndaşı kimi, islamiyyət və məzhəb cəhətindən İran milləti ilə qardaş olan bir şəxs kimi, öz düşündüyümü sənə yazıram: Birinci: Qəzetində İran millətinin əlaməti olaraq qəbul etdiyin məscid şəkli, mənim nəzərimdə namünasib görsənir. Əgər “millət” sözündən məqsədin onun istilahi mənasıdırsa, əgər İran qövmünü nəzərdə tutubsansa, məscid İran qövmünə məxsus deyildir, bəlkə cəmi islam tayfaları məscid sahibidirlər. İslamiyyətdən qabaqkı İran qövmünün əlaməti Cəmşid taxtı, İstəxr qalası kimi qədim padşahların asarıdır. İslamiyyətdən sonrakı ən məşhur asardan biri isə Səfəviyyə padşahlarıdır ki, isnaəşərilik məzhəbinə İranda rəvac verib, onun müxtəlif tayfalarını vahid millət halında nizama salmışlar və İranın ayrıca, müstəqil dövlət olmasına səbəb olmuşlar. Beləliklə, İran millətini tanımaq üçün sən gərək qırmızı mahıddan olan on iki guşəli qızılbaş tacının şəkli kimi elə bir əlamət tapasan ki, bir tərəfdən qədim fars padşahlarına aid olsun, digər tərəfdən isə Səfəviyyə padşahlarını xatırlatsın. İkinci: Qəzeti oxuyub gördüm ki, onun iki səhifədən ziyadəsi “Süruş” təxəllüslü, “Şəmsüş-şüəra” ləqəbli bir şairin əsli-nəsəbinə və tərcümeyi-halına dair məlumatdan və Süruşun bir qəsidəsi ilə bir qəzəlindən ibarətdir. Əziz qardaşım! Sən özün yazıbsan ki, xəvass və əvam “Millət” qəzetindən mənfəətbərdar olmalıdır. İnsaf məqamında səndən soruşuram ki, “Süruş” təxəllüslü, ondan sonra “Şəmsüş-şüəra” ləqəbli şairin əsil-nəsəbini və tərcümeyi-halını bilməyin millətə nə faydası vardır ki, öz oxucularının bu məsələni oxumağa məcbur edib, onlara dərdisər veribsən? Əgər Süruş fazil adam və şairi-mümtaz olsaydı, o vaxt sənin haqqın var idi deyəsən ki, millət onun əsərlərindən feyz alır, onun filosofanə şe’rlərindən hikmət və mə’rifət kəsb edir, bu adamı tanımaq millətə lazımdır. Amma Süruşun qəsidəsi onun ən alçaq dərəcəli bir şair olduğuna dəlalət edir; hətta şe’r demək qabiliyyəti belə heç yoxdur. Və nahaq yerə göyün mələyinin adını özünə təxəllüs qoyub, onun böyük, parlaq bəzəyinin adını isə özünə ləqəb götürmüşdür; bu mə’na ilə ki, guya onun fəzilət nuru da günəşin işığı kimi külli-afaqa ziya bağışlayır. Dəlilsiz iddiaya qulaq asan olmaz. Mən Süruşun qabiliyyətsizliyini iddia edirəm. Öz iddiamı sübut etmək üçün dəlil gətirməliyəm. Amma dəlilləri sonra deyəcəyəm. Əvvəlcə bu “Şairlər günəşinin” əsil-nəsəbi barədə bir neçə kəlmə yazıram. Əziz qardaşım münşi! Səndən dustanə xahiş edirəm ki, Tehranda bir məclis düzəldib, ürəfa və zürəfadan on iki nəfər o məclisə çağırıb, onların qarşısında “Şairlər günəşindən” soruşasan ki: – Ay ağa, sən nə məqsədlə öz əsil-nəsəbini Nəcmi-Saniyə aparıb bağlayırsan? Əgər desə ki, məqsədim ondan şöhrət və iftixar nuru kəsb etməkdir, o vaxt ona deyin: – Ağa, çox qəribədir ki, sən özün Günəş olduğun halda, ulduzdan şöhrət və iftixar nuru toplayırsan; o da sönük ulduzdan. Səyyarələr Müştəri, Zühəl, Mərrix, Ütarid, Zöhrə və başqalarından ibarətdir ki, Çeğmininin şərhində deyildiyinə görə, bunların hamısı qaranlıqdır və günəşdən işıq kəsb edirlər. Sən ki, indi özünü dünyaya nur salan günəş adlandırırsan, elmi-nücumun hansı qanununa görə ulduzdan işıq əxz etmək istəyirsən? Əgər desə ki: “Mən işıq və ziyası olmayan bir Günəşəm, yə’ni: Günəş nuruna istiarə olmaq hünərim yoxdur və Nəcmi-Sanidən fəzilət kəsb etmək istəyirəm”, o vaxt deyin ki: – Ağa, bica zəhmət çəkmə, özün üçün öz əsrlərindəki füzəlanın başçısı olan Səlcuqi Məlik şahın vəziri Nizamülmülk, Çingizi Hülaku xanın vəziri Xacə Nəsir Tusi və Sultan Hüseyn Bayqaranın vəziri Əmir Əlişir kimi bir baba tap; həmyerli olmağınız münasibəti ilə Nəcmi-Sanini özünə baba çıxma. Nəcmi-Sani sənin kimi hünərdən məhrum idi, şəxsi ləyaqəti yox idi. Və nahaq yerə Nəcmi-Sani ləqəbinə sahib olmuşdur. Əgər babanı tanımırsansa, biz onu sənə nişan verək. Keçmiş adamların ləyaqəti haqqında bizim istinad edəcəyimiz mənbə tarixdir. “Həbibüs-siyər”də belə yazılmışdır: “Əmiri-adil və fazil olan Nəcmi-Zərgərin vəfatından sonra, saf tiynətli padşah, yə’ni Şah İsmayıl vəkillik rütbəsini, isfahanlı Əmir Yarəhmədə tapşırmaqla onu sərəfraz etdi; ona Nəcmi-Sani ləqəbi verərək başını fələklərə çatdırdı, tamam üməra, vüzəra və ərkani-dövlətin ona tabe’ olmasını əmr etdi”. Görürük ki, Nəcmi-Sani, doğrudan da uca rütbəyə yüksəlmişdir; amma tarixçi ona Nəcmi-Əvvələ verdiyi kimi hünər isnad verməyibdir. Beləliklə, məlum olur ki, Nəcmi-Saninin tərəqqisi fəzilət və şəxsi ləyaqəti vasitəsi ilə olmayıb, bəlkə yalnız Şah İsmayılın xüsusi iltifatı sayəsində ittifaq düşübdür. Hükəmanın və filosofların dediyinə görə, Allah ömrünü uzun etmiş müasir yazıçının, peyğəmbər əleyhissəlamın qaydaları və sözləri haqqında filosofanə təsnifində zikr etdiyi dəlillərə görə və öz risaləsində Vəzir və Rəfiqin mükaliməsinə dair izahat verən Ruhül-qüds cənablarının əqidəsincə hünər və şəxsi ləyaqət olmadan yüksək dərəcələrə çatmaq heç də şərafət deyil, bəlkə rəzalət və həqarətdir. Deməli, tarixlərin şəhadətinə görə mə’lum olur ki, Nəcmi-Sani elm və hikmət vasitəsi ilə fəzilət və ləyaqət sahibi olmamışdır. Amma bəlkə təbii ağlı və gözəl əxlaqı sayəsində onun ləyaqət və fəziləti olmuşdur?! Necə ki, bəşər əfradından bə’ziləri təbii ağıl və gözəl əxlaq gücü ilə yüksək dərəcələrə layiq olurlar. Bu xüsusda dəxi tarixlərə müraciət edək və görək Nəcmi-Saninin təbii ağlı nə səviyyədə idi, o nə kimi gözəl xasiyyətlərə malik idi. “Həbibüs-siyər”in ibarəsi budur: “Dinin pənahı olan Şah, yə’ni Şah İsmayıl, Nəcmi-Sanini mütləq ixtiyar sahibi etdikdən sonra onun xalqlar pənahı olan dərgahı, Adəm övladı hakimlərinin sığınacağı və Yer üzünün əyan və əşrafının ümid qapısı oldu. Rütbə və hörmət vasitələrindən, dövlət və əzəmət ləvazimatından onun başına o qədər yığışdı ki, onun qədr və məqamının səviyyəsi, bütün şə’ni, yüksək əmrləri və fərmanı nüfuzlu sultanları belə ötdü. Onun xüsusi nökərlərinin sayı beş min silahlı atlıya çatdı. Onun xəzinələri, malları və hesabdəftəri bilikli hesabdarların saya biləcəyi həddi aşdı. Hər gün yüz başa yaxın qoyun onun şüləni idi. Quş, qaz, düyü, yağ, aş ləvazimatı və sairə də bu ayaqdan. Türküstan səfəri zamanı təcəmmülatın hamısını sudan keçirməmişdisə də, hər gün onun mətbəxində xörək bişirmək üçün xam gümüşdən on üç qazan od üzərinə qoyurdular və rəngbərəng xörəkləri qızıl, gümüş, çini və büllur sinilərdə xalqın gözü qabağında cilvələndirirdilər. Bir nəfər doğru danışan və möhtərəm adamın dediyinə görə, şülən vaxtı suyun o tayında əmirin dərxanasında olan bir şəxs təəccüblə onun həvicdarından soruşur ki: “Yad vilayətdə bu qədər şeyləri haradan tapırsan?”. Cavab alır ki: “Allahın dövlətindən yanımızda qoyun, toyuq, qənd, nabat, un, düyü və başqa yeyəcək çoxdur. Ancaq mənə hər gün on batman darçın, zəncəfil, zə’fəran və başqa qızışdırıcı ədviyyələr və sair danələr lazım olur ki, onları tapmaqda çətinlik çəkirəm”. Biz güman etmirik ki, Nəcmi-Saninin atası varlı adam olub, bu cür şahanə var-dövləti öz oğlu üçün miras qoymuş olsun. Beləliklə, əgər Nəcmi-Sani bu xərci halal malından edirsə, israfçıdır; xüsusilə qazanları gümüşdən qayırmaq israfdan da keçib axmaqlığa çatmışdır. Bundan əlavə, gümüş qabların işlədilməsinin haram olması haqqında fəqihlər arasında ümumi bir rə’y vardır və əgər o, bunu haram maldan xərcləyirdisə, zalimdir. Razı salıcı işləri ilə deyil, təcəmmül vasitələrinin çoxluğu ilə özünü göstərən vəzir, cənab Ruhülqüdsün məzkur risaləsində tə’riflənən Vəzir kimi ola bilər. Lakin bilici və hörmətə layiq vəzirin sifətini cənab Ruhülqüds belə göstərir: “Cəlal və böyüklük ləzzəti İranda o vəzirə nuş olsun ki, o, bu sözləri deyə bilir: “İran yollarının araba getmək üçün mən tə’mir etmişəm. Mən İran torpağında bir çox məktəblər açmışam. Tamam mövqufat mədaxilini tələblərin ehtiyacına sərf etməyə mən qərar vermişəm. İran əhlinin ticarət və əkinçiliyinə mən rəvac və rövnəq vermişəm. İran mə’dənlərini mən işə salmışam. İranın susuz və əkinsiz səhralarına artezian quyuları vasitəsi ilə bol su bağışlamışam. İranın büdcəsini əlli kürura mən çatdırmışam”. Vəzarətin ləzzəti mə’nasız oyuncaqlarda və əbləhanə loğalıqda deyil, bu cür işlərdədir. Genə “Həbibüs-siyər” müəllifi yazır: “O misilsiz və əvəzsiz əmirin (mətbəxində darçın, zəncəfil və zə’fəranın çox işlənməsi ilə) cahü cəlalı bu dərəcəyə yetişdiyinə görə o, dəbdəbə və təntənəsinin çoxluğundan məğrur olub, qalib və bilici padşahdan icazə almadan Mavəraünnəhri tutmağı qət’ etdi, özbək qoşunu ilə müharibəni öhdəsinə alaraq, bu qorxunc işi yüngül və asan saydı. O, Amur çayı sularını keçərək Babur şah həzrətləri ilə mülaqatdan sonra Xəzar qalasına tərəf yürüş bayrağını qaldırdı. O yerin hakimi olan Ağpolad sultan, özündən böyük sərkərdələrlə döyüş və çarpışma gücü olmadığını bilib, ərbab və kələntərlərlə birlikdə barışmağa razı oldu və əhdü-peyman istədikdən sonra qalanın qapılarını açdı. Nəcmi-Sani onu zəncirləyib, Qoturözbəydə olan özbək camaatını qırıb rəiyyətə təcavüz etməyə başladı. Yaxşı, əgər Ağpolad sultan təslim olmasaydı, o vaxt Nəcmi-Saninin ixtiyarı var idi onun barəsində olan hər bir qəsdini gücdən fe’lə gətirsin. Ancaq bir halda ki, Ağpolad sultan və özbəklər təslim oldular, bir halda ki, Nəcmi-Sani əhdü peymanla onları xatircəm etdi, bəs hansı mürüvvət və cavanmərdlik qanununa görə Allahın əmrinin əksinə əməl edib öz peymanını qırmağı münasib gördü, Ağpolad sultanı + zəncirləyib qalan özbəkləri qətlə yetirdi? Məclisdə hazır olan cənab ürəfa və zürəfa hökm versinlər görək ki, əvvəlcə ancaq qüruri-əbləhanə üzündən öz vəliyyün-ne’mətinin rə’yinə zidd hərəkətə yol verib, onun icazəsi olmadan Mavəraünnəhri fəth etməyi öhdəsinə götürən, sonra isə Allahın əmri ziddinə əhdü peymanını pozan bir adamın ağlı və əxlaqı nə səviyyədə ola bilər? Ağıllı və xoş təbiətli adam heç razı olar ki, babası belə adam olsun? Nə isə! Genə “Həbibüs-siyər” müəllifi yazır: “Nəcmi-Sani oradan Qərşiyə hücum etdi. O vilayətin hakimi Şıxım Mirzə müdafiə və mümaniətdə möhkəmlik göstərdi. Nəcmi-Sani şəhərin ətrafını öz ümərası arasında təqsim etdi. Hər kəs öz mənzilində atdan düşdü. Döyüşkən əsgərlər ox və tüfəng atmağa başladılar, ildırım səsli daşların zərbəsi ilə Qərşinin bürclərinə və divarlarına rəxnə saldılar. İki-üç günün içərisində gücbəla ilə o şəhəri istila etdilər. Şıxım Mirzə öz adamları ilə əsir düşdü və qətli-am əmri verildi. Əmir Qiyasəddin Məhəmməd və bir dəstə digər ə’yanlar şəhərdə olan bə’zi günahsızların qanından keçməyi Nəcmi-Sanidən xahiş etdilərsə də, o razılıq vermədi və on beş minə yaxın əsgəri və rəiyyəti zalimanə qılıncdan keçirdi”. “Tarixi-rövzətüs-səfa” mülhəqatında yazılmışdır: “Nəcmi-Saninin də’vəti ilə qaladan qızılbaş qoşunlarının imdadına gələn Babur Mirzə, öz həmyerlilərinin, habelə cığatay sayılan bə’zi Qərki əhalisinin bağışlanmasını xahiş etdisə də, Nəcmi-Sani qəbul etmədi və onun da könlünü incitdi”. “Həbibüs-siyər” müəllifi genə yazır: “Nəcmi-Sani Qərşini tutduqdan sonra Buxara üzərinə yola düşdü. Çünki Canibəy sultan və Übeydulla xan böyük özbək qoşunu ilə orada yerləşib qəlblərinin lövhəsinə müqavimət və çarpışmaq nəqşəsini çəkirdilər. Nəcmi-Sani Buxaranın iki ağaclığına yetişəndə Məhəmməd Teymur sultanla Əbusəid sultanın Səmərqənd ordusundan bir dəstə götürüb qarət fikri ilə yola düşdüklərini eşitdi. Özü haman mənzildə dayanaraq Bayram bəy Qaramanlını pəhləvanlıq silkinə daxil olanlardan ibarət böyük bir dəstə ilə onları dəf’ etmək üçün göndərdi. O iki sultan, Bayram bəyin və qoşunların gəldiyindən xəbərdar olub, Qəcdivan qalasına sığındılar. Bayram bəy vəziyyəti mə’lum etdi, Nəcmi- Sani bütün qoşun ilə Qəcdivanın yanına yeridi. Məhəmməd Teymur sultanla Əbusəid sultan qalanın ətrafını möhkəmləndirib, hər gün özbəklərdən bir dəstə müharibəyə göndərirdilər. Bu tərəfdən dəxi qoşun qabağa çıxıb gah qalib gəlir, gah da məğlub olurdu. Bir neçə gün belə keçdi. Elə ki, qoşunların azuqəsi qurtardı, özbək sultanlarının əhvalatından xəbərdar olan və o qalanın müharibə ilə tutulmasının mümkün olmayacağını bilən Xacə Kəmaləddin Mahmud, Nəcmi-Saniyə ərz etdi ki: “Bu qış Qəcdivan qalasını mühasirə etməyin heç bir faydası yoxdur. Bu qala çoxlu yeyəcəyi və bol hərbi ləvazimatı ilə məşhurdur. Orada iki sultan və çoxlu igid var. Əgər bu mənzil bir neçə gün də qələbə nişanlı qoşunumuza ordugah olsa, əsgərlər taxıl və dənin yoxluğundan sıxıntıya düşəcəklər. Dövlət üçün əlverişli odur ki, köç təbli döydürüb buradan gedək. Qərşi və Xəzar yaxınlığında qışla düzəldək, tacirlər və bazar əhli müzəffər ordumuz üçün Bəlx ətrafından və vilayətlərindən taxıl və mallar gətirsinlər. Elə ki, qış başa çatdı, özbəklərin yeyəcəyi qurtarmağa üz qoydu və mal-qara üçün çöldə yem zahir oldu, şəhərlərə və qalalara hücum edərik”. Qoşunkeşlik və sərkərdəlikdən bilmərrə başı çıxmayan, ömründə müharibə elminə dair heç bir qanun və əsər oxumayan, işin nəticəsini yəqin ayinəsində müşahidə etmək üçün müvafiq dərəcədə ağlı olmayan və fikri-zikri ancaq hər gün mətbəxində nə qədər ət, qoyun, toyuq, qaz və həvic sərf olunması və atlanan zaman yanınca neçə yedək və nökər getməsi yanında qalan Nəcmi-Sani cavab verdi: “Həbibüs-siyər”dən: “Biz Qəcdivan yanından köçərək suya tərəf getsək, özbəklər elə zənn edəcəklər ki, biz qorxu və məğlubiyyətdən belə edirik. Bu da onların cəsarətə gəlməsinə səbəb olacaq. Hələ bu söhbət qurtarmamışdı ki, Babur padşah gəlib, Xacə Kəmaləddin Mahmudun haman məsləhətini irəli sürdü və mühasirədən əl çəkib Qərşi və Xəzar tərəfə getmək barədə israr etdi. Nəcmi-Sani zahirən o həzrətin sözünü qəbul etdisə də, amma ürəkdə bu işin doğruluğuna şübhə edirdi. O tərəfdən Buxara şəhərində Canibəy sultanla Übeydulla xan sultanın qulağına çatdı ki, Qəcdivanda Nəcmi-Saninin işi irəliləmir. Əsgərlər hər gün heyvanlar üçün yem və özləri üçün azuqə əldə etməkdən ötrü ətrafa dağılışırdılar. Sultanlar müharibəyə girişməyi qət’ etdilər. Çoxlu piyada və atlı qoşun, hamısı zirehli geyimdə əldə sıyırma qılınc Qəcdivana üz qoydu. O vilayətə çatarkən qalanın daxilində olan iki sultan dəxi onlara qoşulub birlikdə döyüş meydanına girdilər. Nəcmi-Sani bu vəziyyəti görəndən sonra müharibəyə qərar verdi. Qoşunun sağ və solunu böyük üməranın vücudu ilə möhkəmlədib, özü mərkəzdə dayandı və əmr etdi ki, Babur şah öz əsgərləri ilə ayrıca dayanıb hər tərəfin köməyə ehtiyacı olsa ona qoşulsun. Sıraları düzəltdikdən sonra özbək qoşununun sağından iki yüz nəfər atlı meydana çaparaq soldan Nəcmi-Saninin qoşununa hücum etdilər. O tərəfdə olan Bayram bəy o camaatın şərini dəf’ etmək istəyəndə bir ox yarası ilə yerə gəldi və bu hadisə özbək qoşunlarının cəsarətinin artmasına səbəb oldu. Onlar birbaş İraq və Azərbaycan qoşunları üzərinə çarpdılar. Pis rəftarı, mənsəbpərəstliyi və kəcbinliyinə görə Nəcmi-Saniyə ədavət bəsləyən sərkərdələr döyüş silahlarına əl atmadan qaçmaq səhrasına ayaq qoydular. Nəcmi-Saninin qoşunu məğlub oldu, Babur padşah öz ordusu ilə qalaya üz qoydu. Əmir Qiyasəddin Məhəmməd və Xacə Kəmaləddin Mahmud o həzrətin qoşununun ardınca hərəkət etdilər. Hüseynbəy Lələ və Əhməd bəy Səfi oğlu Kərki kəndinə üz qoydular. Özbək sultanları bayrağının ayparası fəth və qələbə üfüqündən parladı. Mavəraünnəhr qoşunu qətlü-qarətə başladı. Übeydulla xanın əsgərlərindən bir dəstə döyüş meydanında Nəcmi-Saniyə çataraq o cənabı qüdrət pəncəsinin əsiri edib padşahın yanına apardılar. Səfəviyyənin müasirləri olan özbək sultanlarının cığatay dilində yazılmış tarixində qeyd edilmişdir ki: “Əsgərlər Nəcmi-Sanini Übeydulla xanın hüzuruna gətirəndə, xan ondan soruşmuşdur: – Qızılbaş qoşununun başçısı sən idinmi? Nəcmi-Sani demişdir: – Bəli. Übeydulla xan buyurmuşdur: – Xəzar qalasının özbəkləri sənə təslim olduqdan sonra və sən onlara aman verdikdən sonra nə üçün onları qırdırdın? Və nə üçün Qərşini tutduqdan sonra qətli-am əmri verərək oranın çoxu rəiyyətdən və əlsiz-ayaqsızlardan ibarət olan əhalisini qılıncdan keçirdin? Sən hansı qanunun fitvasına əməl edirsən ki, düşmən sənə təslim olub səndən əhdü aman alanda da onu öldürürsən, öz düşmənçiliyində baqi qalanda da? Onda bəs düşmənin sənə nisbət təklifi nədir və sənin düşməndən nə kimi xahişin ola bilər? Sən bu ağıl ilə, bu tədbir ilə istəyirdin ki, başqasının ölkəsini dəxi tutasan? Qərşi rəiyyətini və əlsiz-ayaqsızlarını öldürməyi heç namərd caiz görməzdi. Tutaq ki, bir ölkənin camaatı sizin əqidənizə görə kafirlər qismindən hesab olunurlar. Müqəddəs Allah cənabları, kafirləri öldürməkdə dəxi ifratı haram etmişdir. Bu əziz ayənin mə’nasını bilirsən, ya yox: Nəcmi-Sani susmuşdu. Übeydulla xan soruşmuşdur: – Niyə cavab vermirsən, yoxsa ərəbcə bilmirsən? Nəcmi-Sani cavab vermişdir ki: – Ərəbcə bilmirəm. Übeydulla xan üzünü öz adamlarına tutaraq demişdir: – Mən qızılbaş padşahına təəccüb edirəm: Elə bir adamı özünə vəzir və sərdari-ləşkər etmişdir ki, nə elmi var, nə ağlı var, nə də rəhmi. – Sonra öz əsgərlərinə əmr etmişdir ki: – Aparın və boynunu vurun! Nəcmi-Sani yalvar-yaxar edib demişdir: – Mənim qanımdan keç, sənə əlli min dinar pul verərəm və öz padşahımdan sənin üçün bir əhdnamə alıb verərəm ki, Mavəraünnəhr məmləkəti Xorasan hüduduna qədər sənə və sənin övladına məxsus olsun və qızılbaş ləşkəri tərəfindən sənin mal-qarana heç bir təcavüz olunmasın. Übeydulla xan cavab vermişdir ki: – Sənin əlli min dinarına və sənin padşahının əhdnaməsinə ehtiyacım yoxdur. Mavəraünnəhr məmləkətini Allahın inayəti ilə və öz qılıncımın gücü ilə qoruyacağam. Səni də öldürüb, günahsızların intiqamını səndən alacağam; çünki sənin kimi bir adamı diri qoymaq Allah bəndələrinə qəsd etməkdir. Əgər sən diri qalsan, ehtimal ki, başqa günahsızların dəxi ölümünə səbəb olasan. O, sözünü bitirdikdən sonra Nəcmi-Sanini aparıb boynunu vurmuşlar”. Əziz qardaşım münşi! İndi, düzəldilmiş məclisdəki ürəfadan soruş ki, bu adam şəhid sayıla bilər, ya yox? Təəccüblüdür ki, “Şairlər günəşi” bu adamdan nifrət etməyib onu özünə baba sayır. Halbuki ondan çiyrənməli, ikrah etməli idi. “Şairlər günəşi” cənabları Nəcmi-Saniyə bir başqa sifət dəxi isnad verir ki, Nəcmi-Sanini onun nəzərində qiymətə mindirən də budur; guya Nəcmi-Sani: – mətlə’li tə’rif qəsidəsi üçün Ümidi adlı bir şairə on min dinar ən’am vermişdir. “Şairlər günəşi” istəyir ki, bu əsrin əmirləri dəxi yalan danışmaq üçün nə qədər ən’am vermək lazım gəldiyini bilsinlər və əgər ondan artıq verməsələr də, heç olmazsa az da verməsinlər. Bu sifətin dəxi tə’riflənməyə, yoxsa pislənməyə layiq olduğunu bilmək üçün yenə də tarixlərə müraciət edək. “Həbibüs-siyər”də yazılmışdır: “Həzrəti-Ömərin, Allah ondan razı olsun, xəlifəliyi zamanında Xalid ibn-Vəlidin igidliyi və islam ləşkərinin mərdliyi sayəsində Rus qeysərinin yüz min qoşununa qarşı Həmməs şəhərinin yaxınlığında Əbuübeyd ibn-Cərraha fəth və qələbə üz verdi. Ərəb şairlərindən Əş’əs ibn-Qeys Kəndi, Xalid ibn- Vəlidə onun qəhrəmanlığını və igidliyini tə’rif edən bir qəsidə təqdim etdi. Xalid Əş’əsə on min dirhəm ən’am verdi. Bu xəbər həzrəti- Ömərə çatdıqda onun qan-qaralığına səbəb oldu. O, Əbuübeydə yazdı ki: – Xalidi öz yanına çağırtdırıb buyur ki, sarığını başından götürüb boynuna salsınlar. Ondan soruşsunlar ki, Əş’əsə ən’am etdiyin on min dirhəm hansı mə’xəzdəndir? Əgər desə ki, “islam əhlinin beytülmalından vermişəm”, o zaman aydın olar ki, o xəyanət etmişdir; əgər dilinə gətirsə ki, “öz xüsusi malımdan bağışlamışam”, o zaman aydın olar ki, o, israf etmişdir. Əbuübeyd xəlifənin buyuruğuna əsasən, Xalidi çağırtdırıb soruşdu ki: – Əş’əsin on min dirhəm ən’amı beytülmaldan verilmişdir, ya öz xüsusi malından? Xalid cavab verməyib susdu. Bilal sarığı onun boynuna salaraq dedi: – Əmirəlmö’mininin əmri budur ki, cavab verənədək səni belə saxlayım. Xalid dedi: – O ən’ami mən öz xalis pulumdan vermişəm. Əbuübeyd Xalidi Mədinəyə göndərdi”. Xalid ibn-Vəlid kimi bir pəhləvan bir qəsidə üçün on min dirhəm ən’am verdiyinə görə təqsirləndirildiyi halda, necə ola bilər ki, bir qəsidəyə on min dinar ən’am verən Nəcmi-Sani pislənməsin?! Halbuki Əş’əs, Xalidi misilsiz hünərinə görə tə’rif etmişdi. Aya, Nəcmi-Sanidən nə hünər baş vermişdir ki, o tə’rifə layiq olsun?! İranda Ümidi kimi yalançı şairlər çoxdur. Ağıllı adam yalançılara bu qədər ən’amı nə üçün gərək versin? Bu peşkəş axmaqlıqdan başqa bir şey deyil, çünki yalan ancaq axmaqlara xoş gəlir. Bu on min dinar nə üçün bir xeyir işə, məsələn, müsəlman balalarını tərbiyə etmək üçün məktəb tə’sisinə, adamsızları və müsafirləri müalicə etmək üçün xəstəxanaların tikilməsinə sərf edilməsin? Necə ki, Nizamülmülkdən və Əmir Əlişirdən bu kimi işlər zahir olmuşdu. Binəvalardan zülm ilə alınmış bu on min dinar nə üçün qudurğan nəfsin arzusu ilə yalançılara verilsin; biri zülm çəngində qalsın, digəri isə qızıl sahibi olsun? “Şairlər günəşinin” mərhum babasını tanıdıq. İndi isə kritikanın başlanğıcındakı və’dimizə əməl edib bu şairin qabiliyyətsizliyi xüsusunda sübutlarımızı saymağa başlayaq. İki şey şe’rin əsas şərtlərindəndir: məzmun gözəlliyi və ifadə gözəlliyi. Məzmun gözəlliyi olub ifadə gözəlliyinə malik olmayan bir nəzm, Mollayi-Ruminin məsnəvisi kimi, məqbul nəzmdir, amma şe’- riyyətində nöqsan vardır. İfadə gözəlliyinə malik olub, məzmun gözəlliyindən məhrum olan mənzumə, tehranlı Qaaninin şe’rləri kimi, zəif və kəsalət artırıcı nəzmdir, amma yenə şe’r növündəndir, yenə də hünərdir. Həm məzmun gözəlliyinə, həm də ifadə gözəlliyinə malik olan nəzm, Firdövsinin “Şahnaməsi”, Nizaminin “Xəmsə”si və Hafizin divanı kimi, nəş’ə artırıcı və həyəcanlandırıcı olub hər kəs tərəfindən bəyənilir. Belə nəzm sahiblərini peyğəmbərlərlə bərabər tutmaq olar; çünki onlar bəşər növünün fövqündə olub filosofanə xəyal və ilham sahibləridir. Belə şairlərin vəsfində deyilmişdir: “Şairlər günəşinin” qəsidəsinin nə məzmun gözəlliyi vardır, nə də ifadə gözəlliyi. Bu iki nöqsandan başqa onun bə’zi misralarının vəznləri dəxi nöqsansız deyildir. Beləliklə, bu qəsidəni şe’r və sahibini şair adlandırmaq olmaz. Dəlil budur: “Şəmsüş-şüəranın” qəsidəsinin məzmunu başdanayağa bə’zi şeyxi əqaidinə istinad edir. Bu əqidənin doğru və ya yanlış olduğunu tə’yin etməyi üləmaya həvalə edirik; çünki dini əqaidə qarışmaq bizim vəzifəmiz deyildir. Lakin biz bunu deyə bilərik ki, bu əqaiddə qətiyyən qəribəlik və yenilik yoxdur. Onları minlərcə dəfə mənzum və mənsur şəkildə başqaları demişlər və yazmışlar. Qəribəliyi və yeniliyi olmayan bir məzmun isə, adama qətiyyən zövq və fərəh verə bilməz; xüsusilə şe’rdə. Əksinə, belə yazılar bir yeni müctəhidin risaleyi-təharəti kimi çox zəhlə tökən və yaramaz olar. “Şairlər günəşinin” qəsidəsində işlənilən çox zəif sözlər bunlardır: Əzzə və cəllə, əleyhümüssələvat, izzivü lat, mir’at, mabəqi, tərəhhaq, əqarib, vahiyat, xeyrat, təhərrük, həşərat, dəhüdü, mö’tərif, hədiyyə, bəzaət; məzacat və yəhtəmil və sairə. Bu sözlər nəsrdə işlənilə bilər, amma şe’rdə məqbul deyildir; məsələn, “əzzə və cəllə” vaizlərin minbərdə zikr etdikləri sözlərdəndir. “Əleyhümüssələvat” çavuşların Xorasan və Kərbəla zəvvarları qabağında oxuduqları minacatlardakı sözlərdəndir. Habelə başqa sözlər ki, onların mə’nasızlığı sağlam zövq və təb’ sahibləri üçün vazehdir. “Şairlər günəşinin” qəsidəsində vəzn cəhətdən nöqsanlı olan misralar bunlardır: İkinci misra xəfifdir. Birinci misra səqildir. Birinci misra xəfifdir. Hər iki misra xəfifdir. Birinci misra xəfifdir. Birinci misra səqildir. İkinci misra, əgər tuba oxunsa səqildir, əgər tubi oxunsa xəfifdir. İkinci misra səqildir. İkinci misra xəfifdir. Birinci misra xəfifdir. Birinci misra xəfifdir. Birinci misra səqildir. Əgər “Şairlər günəşi” desə ki, bu səqillik və xəfiflik bir növ şe’r səktəsidir və duzlu səktəni şairlər caiz görmüşlər, deyin ki, şairlər qələt eləmişlər. Bizim əqidəmizcə səktə, hər yerdə olursa olsun, duzsuz və zəhlə aparan olur və hər yerdə olursa olsun, şairin acizliyini göstərir. Qəznəvilər və Səlcuqilər zamanında bə’zi şairlər öz qəsidələrində səktəyə yol verirdilərsə də, amma bu üsul get-gedə tərk edildi. Son zamanların şairləri onu tamamilə atmışlar. İndi əgər şe’rdə səktəyə təsadüf olunursa, bu məcburiyyət nəticəsidir; həm də səktə dəxi “Şairlər günəşinin” qəsidəsi yazıldığı müctəs vəznində deyil, ancaq xüsusi vəznlərdə ola bilər; o da bir dəfə, yaxud iki dəfə, bu qədər çox ola bilməz. Və əgər səktəyə yol verilməsini qəbul etsək, heç olmazsa vəzn cəhətdən xəfifliyi olan misraları səktəli hesab edə bilərik; səqil olan misralarda isə, səktəyə yol vermək heç bir vəchlə doğru deyildir. Çünki onların səqilliyinin qətiyyən səktəyə bənzəyişi yoxdur və onların nöqsanı böyükdür. Bu beytin vəzncə nöqsanı yoxdur, lakin məzmunu çox namünasibdir. “Şairlər günəşi” istəyir ki, Allah peyğəmbərlərini də aldatsın ki, bu cəfəngiyata mükafat olaraq onun günahlarını bağışlasınlar. Xeyr, ağa, bağışla! Allah peyğəmbərinin ağlı qəzet münşisinin ağlı kimi deyildir ki, onu aldadaraq qəzetinin bir nömrəsini xərab edib, öz cəfəngiyatını orada çap etmişsən. Xeyr, cənab “Şairlər günəşi”, sənin günahların təmizlənməyəcəkdir. Əgər Allah peyğəmbərinin səndən razı olmasını istəyirsənsə, onun əhkamına əməl et, öz dindaşlarına zərər yetirmə. Bu mübhəm sözün izahı budur: Bir gün evdə oturub Xristofor Kolumbun sərgüzəştini və Amerikanın kəşf tarixini rus dilində oxuyurdum. Həyət qapısının cəftəsi döyüldü. Qulluqçu getdi və Germaniyada birinci Şərq dilləri müəllimi, səyyah general Fişerin adamından bu məzmunda bir kağız gətirdi: “Ey filankəs, sən bilirsən ki, bizim səni görməyə nə qədər şövqümüz var və Tiflisdə qaldığımız bu bir neçə gündə səninlə iki dəfə görüşmüşük. Sən bizi yaddan çıxardın. Axı qəribnəvazlığın qaydası belə olmaz. Xahiş edirəm, sabah günortadan sonra, saat ikidə bizim mənzilə təşrif gətirəsən ki, bir yerdə nahar yeyək və sənin söhbətindən fezy alaq. Sənin dostun: Fişer”. Ertəsi gün və’d edilən saatda general Fişerin mənzilinə getdim. Vilayətin adlı-sanlılarından beş nəfər başqa adam dəxi o məclisdə hazır idilər. Oturduq, nahar yedik, sonra söhbətə məşğul olduq. Söhbət arasında, general Fişer məndən soruşdu ki: – Filankəs, “həşərat” kəlməsinin ərəb dilində mə’nası nədir? Dedim: – “Həşərat” kəlməsi lüğətcə, qamus sahibinin yazdığına görə, xırda heyvan və cücülərdən ibarətdir və fiqh kitablarında verilən şərhə görə budur: İstilahda isə, ağılsız, vəhşi sifətli, bərbəri xasiyyət, şüursuz, mə’- rifətsiz və kövdən adamlara işarədir. Dedi: – Yaxşı dedin. İndi səni dostluğa and verirəm, düzünü de, Quran və ya hədislərdə dini-islamı inkar edənlərin həşərat olduqlarına aid işarət vardırmı? Dedim: – Haşa və kəlla! Nə Quranda bu növ işarə var və nə də hədislərdə. Ancaq Quranda gah-gah bir “ən’am” sözünə təsadüf olunur. Lakin o, həşərat mə’nasında deyildir. Ona görə ki, bəni-növi-bəşərin fəziləti xüsusunda açıq ayə vardır: Mənim fikrimcə bu ayeyi-şərifə sizə şamildir; çünki bu gün quru və dəniz sizinlə təsxir edilmişdir və siz cürbəcür ne’mətlərdən bəhrələnirsiniz və zahirən siz elm və qüdrətcə dünya xalqlarının çoxundan fəzilətsiniz. Sizi necə həşərat saymaq olar? Bu qədər var ki, biz öz dinimizi inkar edənləri kafir adlandırırıq və axirətdə əzaba layiq bilirik. Dedi: – Bunun o qədər də əhəmiyyəti yoxdur. Qoy biz öləndən sonra cəhənnəmə, dərəki-əsfələ gedək. Qorxumuz yoxdur və sizin bu e’tiqadınız bizi qətiyyət kədərləndirmir. Biz də öz dinimizi inkar edənləri azğın sayırıq. Heç kəs öz ayranına turş deməz. Lakin istədiyimiz budur ki, siz bu dünyada bizi “həşərat” adlandırmayasınız. Dedim: – Ağa, biz nə zaman sizi “həşərat” adlandırmışıq? Necə ola bilər ki, biz sizə “həşərat” deyək?.. Fişer bir xeyli gülüb dedi: – Mən sənə inanıram, amma bu beytə nə deyirsən: Yə’ni sizin peyğəmbərinizə müt’i olanlar insandırlar, biz isə həşəratıq. Dedim ki: – Bu beyti siz harada görmüşsünüz? Bu vaxta qədər belə bir beyt şe’r kitablarından heç birində mənim nəzərimə çatmayıb. Dedi: – Budur bax, bu qəsidədə. Qəzeti alıb oxuduğum zaman ürəyim elə sıxıldı ki, qan başıma vurdu, xəcalətdən başımı aşağı saldım və mat-mütəhəyyir qaldım. Bir andan sonra bu ifadəyə görə çarəsiz üzr istədim ki: – Bu şair dəlidir. Onun sözünə e’tina etməyin. Qəsidəsindən mə’- lumdur ki, qətiyyən şairlik qabiliyyəti yoxdur. Fişer dedi: – Necə şairlik qabiliyyəti yoxdur ki, “Şəmsüş-şüəra” ləqəbi almışdır, bütün şairlərin başçısıdır? Dedim: – Xeyr, elə güman etməyin. Bizim adətimizdir, ləqəb verərik, amma onun mə’nasını nəzərə almarıq və münasibətini düşünmərik. Dedi: – Bu nə sözdür? Tutaq ki, sizin adət belədir. Amma sizin adətiniz ki, başqaları üçün dəlil ola bilməz. İran millətinin müasiri olan əcnəbi millətlər heç olmazsa, bu ləqəbin mə’nasını nəzərdə tutub bu münasibətlə mülahizə edəcəklər və deyəcəklər ki: – Gör bu əsrdə İranın dövlət rəhbərləri şe’r fənnindən nə dərəcədə xəbərsizdirlər ki, belə qabiliyyətsiz bir adama “Şəmsüş-şüəra” ləqəbi veriblər! İran xalqlarının gələcək nəsli bu əsrə nisbətən elmdə tərəqqi edəcək və bu zamanın tarix və ədəbiyyatında bu qabiliyyətsiz şairin şe’rlərini görüb heyfsilənəcəklər ki, onların ataları belə bir şairi öz əsrlərindəki şairlərin başçısı hesab etmiş və ona elə bir ləqəb vermişlər ki, bu ləqəb ancaq Nizami və Hafizə layiqdir. Əgər bu şair sənin dediyin kimi doğrudan da dəli isə, o, dəlilikdə tək deyildir. Mənim e’tiqadımca qəzetin münşisi də onun kimi dəlidir ki, onun bu cür cəfəngiyatına öz qəzetində yer vermiş və onu həm məmləkət daxilində, həm də xaricdə intişar etdirmişdir. Hal-hazırda ruznameyi-milləti- İran Avropa dövlətlərindən hər yerə göndərilir və o dövlətlərin paytaxtlarının hər yerində bu qəzeti oxuyurlar. Aya, bizə “həşərat” ləfzini isnad verib, bizim xatirimizi incitməkdən İran millətinə nə fayda hasil olur? Aydındır ki, siz bu sözün lüğəti mə’nasını nəzərdə tutmursunuz. Ona görə ki, axı, biz həqiqətdə siçan və kərtənkələ deyilik. Sizin məqsədiniz bu sözün istilahi mə’nasıdır; yə’ni biz sizin nəzərinizdə ağılsız, vəhşisifət, bərbəri xasiyyət, şüursuz, mə’rifətsiz və kövdən adamlarıq. Sən özün insaf elə, heç rəvadır ki, Volter, Monteskyö, Russo, Düma, Suverno, Humbolt, Lüviyer, Vat, Fenelon, Bokl, Şekspir, Volney, Bayron və kimləri, yazıçıları, şairləri, tarixçiləri və ixtiraçıları həşərat qismindən sayılsın, amma Süruş adlı faydasız, müzür bir şəxs və onun kimilər insanlar sırasına salınsınlar? Sizin millətin şairinin bizə verdiyi bu isnad, bizim şə’nimizdə heç bir şey əskiltmir. Onun zərəri yenə sizin özünüzə dəyir ki, biz hər yerdə sizə alçaq gözlə baxacağıq, sizin ağlınızı uşaq ağlı səviyyəsində biləcəyik və sizə güləcəyik. Dedim: – Doğru buyurursunuz. Gərək qəzet münşisi belə cəfəngiyatı çap edib intişar etməyəydi. Amma bu xüsusda onu müqəssir saymayın, həmin evi yıxılmış şair, onu aldatmışdır və onu məcbur etmişdir ki, bu cəfəngiyatını aləmə yaysın. Münşi bu beytin mə’nasını anlamamış deyil, lakin qorxudan bu işə iqdam etmişdir; çünki Tehran münşiləri həmişə saray şairlərindən qorxurlar. İnşaallah bundan sonra münşi tərəfindən qəflət və təcrübəsizlik sadir olmaz. Məclis qurtardı. Fişerin mənzilindən çıxdığım zaman yolda bu sözlər dilimdən düşmürdü: – Vay Süruş, vay Süruş, vay evi yıxılmış Süruş! Bu nə rüsvayçılıqdır ki, sən bizim başımıza gətirmisən? Axı bu ağzıyavalığın sənə nə faydası var ki, öz həmməzhəblərini xarici ölkələrdə bəla və qaxınc oxuna hədəf edirsən, yadların məzəmmət, təhqir və ədavətinə layiq edirsən? Siz bizim başımıza nə bəla oldunuz? Bir tərəfdən öz kitablarınızda açıqdan-açığa xəlifələrə lə’nət və tə’nə edən sözlər nəşr edərək Əfqanıstan, Hindistan, Türküstan, Rum və Qafqazda intişar etdirirsiniz, bizim canımızı, malımızı və əsir olmağımızı bu ölkələrin xalqlarına və Dağıstan əhalisinə halal edirsiniz, o biri tərəfdən də dünyanın bütün xalqlarını murdar və həşərat hesab edib, onlara yaxınlaşmaqdan və onların bişmişlərini yeməkdən çəkinməyi bizim üçün vacib sayırsınız və bizdə onlara qarşı kin oyadırsınız. Elə bil, bütün dünya tikanlıqdır, təkcə siz bir dəstə qızılgülsünüz ki, bu tikanlığın ortasında bitmişsiniz! Sizin əlinizdən dünyanın hansı tərəfinə baş götürüb qaçaq?! Sizin bu cür əqidənizin nəticəsi o olacaqdır ki, get-gedə dünyanın bütün millətləri bizimlə ədavət edib zəlil və məhv olmağımızı istəyəcəklər. Biz də bəni-İsrail kimi olacağıq ki, onlar özlərini şahzadə və ağa sayıb dünyanın cəmi başqa millətlərini öz qulları zənn edirdilər. Bu e’tiqadla onlar bütün millətləri özlərinə düşmən edib nəhayət özlərini zəlalətə və əsarətə salmış oldular. Və bu vaxta qədər də bu zəlillik və köləliyin səbəbini anlamamışlar. Evə çatan kimi bu kritikanı yazmağa başladım. Elə həyəcanlı idim ki, qələmimdən nə çıxdığını bilmirəm. Ey mənim əziz qardaşım münşi! Başqalarına ibrət və tənbeh olmaq üçün sənə lazımdır ki, bu kritikanı qəzetin bir neçə nömrəsində çap edəsən və ölkənin daxilində yayasan; lakin o nömrələrdən xaricə göndərmə. Süruşa da de ki, bundan sonra bir də bu cür işlər görməsin. Bir də gərək sən “Millət” qəzetinin vəzifələrini biləsən. Məsələn: “Millət” qəzetində birinci – xarici politika işlərini bəyan etməlisən. İkinci – İran dövlət rəhbərlərinin ölkənin intizamı, millət və məmləkətin faydaları xüsusunda gördükləri tədbirlər haqqında yazmalısan. Üçüncü – bə’zi teleqraf xəbərlərini aydın xətt ilə yazmalısan. Dördüncü – daxili xəbərləri və hadisələri qeyd etməlisən ki, Təbrizdə vəbanın şiddəti nə dərəcəyə yetmişdir və həkimlər onun əmələ gəlməsinin səbəbini nədə görürlər və təcrübəyə görə müalicələrin nə faydası olmuşdur və bu xəstəlikdən nə qədər adam ölmüşdür və bu xəstəliyə tutulanlardan nə qədəri sağalmışdır; gərək xəstəlik baş verəndə hər kəsdən əvvəl qaçıb adamları qorxuya salan üməraya və mənsəb sahiblərinə, dövlətdən maaş alıb padşahın rəiyyətlərini himayəsiz buraxan və özlərinin nəcatını hər şeydən artıq bilən həkimlərə töhmət yazasan, bu hadisədə xalqa ürək verən və öz vəliyyünne’mələri olan padşahın xidmətini öz canlarını qurtarmaqdan üstün tutan və vilayətdən xaricə çıxmayıb adamları himayə edən və onlara pərəstar olmaq üçün hümmət sərf edən üməraya və rütbə sahiblərinə təşəkkür edəsən. Məsələn, Mirzə Əbdülvahab xan naibül-vüzəra kimilərə ki, gənclik çağında və kamranlıq mövsümündə xətərdən qətiyyən qorxmayıb, igidlik göstərmişdir, vəbanın əvvəlindən axırına qədər öz yerini boş qoymayıb millət və ölkə qarşısında vəzifəsinə əməl etmişdir. Beşinci (başlıca və ən əhəmiyyətli iş budur) – İranın ticarət və əkinçiliyinin yüksəlməsi, onun mə’dənlərinin kəşfi və işə salınması, susuz və əkilməyən çöllərin suvarılması haqqında, ülum və fünun və sənaye haqqında, xüsusilə məktəblər açmaq və uşaqların tərbiyəsi işinə əhəmiyyət verilməsi və bunun kimi məsələlər haqqında özünün və ya qeyrilərinin fikir və tədbirlərini göstərməlisən. Katib Çələbinin ifadəsinə görə: Avropa xalqları elm və fənləri sayəsində – ki onların ən başlıcası matematika və coğrafiyadır – dünyanın hər tərəfini istila etmişlər və Yer kürəsinin hər tərəfində zirəklik və yeganəlik təblini çalırlar. Bunlarla yanaşı olaraq oxucuları fərəhləndirmək və yeni tərbiyə tapan gəncləri təşviq etmək üçün alimlərin, fazillərin, filosofların, həkimlərin, şair və ordu sərkərdələrinin ən məşhurlarının həyatını dəxi yaza bilərsən. Onların əsərlərindən, yazılarından və fikirlərindən parçalar, hünərlərinə dair misallar yazmalısan və müasirlərin bə’zi əsərləri və fikirləri haqqında dövlət başçılarının, vilayət hakimlərinin və ordu başçılarının tədbirləri xüsusunda kritika nəşr etməlisən. Bunları özün də yaza bilərsən, başqalarına da yazdıra bilərsən. Çünki sənin qəzetinə azadlıq icazəsi verilmişdir, hətta sən qəzetində mümkün qədər hökumət adamlarının və əmirlərin və hakimlərin və sərkərdələrin və cəmi mənsəb sahiblərinin və üləmanın işi və rəftarı haqqında da yazmalısan; məsələn, qəzet Mazəndəranda padşah rəiyyəti olan yəhudilərin + öldürülməsinə səbəb olanlar barəsində kritikadan da xali olmalıdır ta ki, bu şəxslər bilsinlər ki, onların heç bir hərəkəti gizli qalmayacaqdır, ayılsınlar, bədnamlıqdan qorxsunlar və vəzifələrinin icrasında padşahın və öz vəliyyünne’mələrinin razılığına, millət və vətənpərvərlik fikirlərinə müvafiq hümmət göstərsinlər. Ədalət və insafın doğru yolundan çıxmasınlar. Gərək sənin qəzetin bundan qabaq İranda mə’mul olan müxtəlif yazılarla hərf mətbəəsində çap olunsun, necə ki, Mənuçehr xan haman hərfli mətbəədə bir neçə cild kitab çap etdirmişdi. Daş mətbəəsi mə’nasız və boş işdir. Hələ onun hər cür çapının səhvsiz olmadığını nəzərə almasaq da, çox vaxt sözlər çapdan aydın çıxmır və min nüsxə, ya az, ya çox çap edildikdən sonra, hərflər daş üzərində sürtülür və daha işə yaramır. Əgər sən bu şəkildə qəzet yazsan, zaman keçdikcə sənin oxucularının sayı on minə çatacaq və bəlkə daha çox olacaqdır; həm özün bol mənfəətə çatacaqsan, həm də millətə çox fayda verəcəksən. Xudahafiz. * * * Mirzə Ağanın pyesləri haqqında kritika Mehriban qardaşım, Mirzə Ağa! Allah ömrünüzü uzun eləsin. Sizin şirin məktubunuz gəlib yetişdi. Əsərinizi başdan-ayağa oxudum. Sizə min təhsin və afərin göndərirəm; sizin qeyrət və zövqünüzdən vəcdə gəlirəm. Ümid edirəm ki, həmişə vaxtınızı fransızların istilahınca “d r a m a” fənni adlanan bu şərəfli fənnə sərf edərək çox tərəqqi edəcəksiniz və bu fəndə qeyri vətəndaşlarınıza, həmməzhəblərinizə rəhbər olacaqsınız. Amma hələlik işinizin başlanğıcı olduğu üçün, gərək mən əsərinizin bə’zi nöqsanlarını sizə göstərəm ki, bundan sonra gözüaçıq olasınız; tainki, bu fənnə dair yazdığınız əsərdə nöqsan tutulacaq yer qalmasın və sizin əsəriniz xass və avamın xoşuna gəlsin. Nöqsanları saymağa başlamazdan əvvəl bilmək lazımdır ki, t e a t r nə olan şeydir. Teatr – uca və geniş bir salondan ibarətdir ki, içərisi üç tərəfdən divarlara bitişmiş olur, altlı-üstlü lojaların üzü dördüncü tərəfinə baxır. Ölkənin əhalisi – əşrafdan, tacirlərdən tutmuş kasıblaradək hər sinif adamlar – keyfi istəyəndə kişili-qadınlı giriş haqqı vermək şərti ilə gecələr bu salona daxil olub, bə’ziləri lojalarda, bə’ziləri isə parterdə oturub tamaşa edirlər. Ölkənin padşahı da hərdənbir teatra təşrif gətirib, öz əyalı və uşaqları ilə bərabər ona məxsus olan lojada oturur. O vaxt drama sənətinin ustadları – ki fransızca onlara a k t y o r deyirlər, – hər birisi xüsusi bir paltarda səhnəyə daxil olub, qabaqcadan tə’yin olunmuş bir əhvalatın oxşatmasını göstərirlər, tamaşaçılar isə onların danışıqlarına qulaq asırlar. Beləliklə, pyesin məzmununda qətiyyən ədəbsiz sayılan keyfiyyətlər, sözlər və hərəkətlər olmamalıdır. Buna görə də “Əşrəf xan” pyesində xəla, nəcis və... sözlər yolverilməzdir və dəyişdirilməlidir. İndi də nöqsanlara keçək. B i r i n c i: Drama sənətinin şərtləri tələb edir ki, məclis üzvlərinin hər birinin işi onun danışıqlarından tamam diqqətlə seçilsin; məsələn: məclis üzvünün hərəkətini göstərmək istədikdə onun adını sətrin üstündə, ayrıca yazmaq lazım deyil, gərək bu ad adamın işinə aid olan sətrə yapışıq yazılsın. Məclis üzvünün mükaliməsi yazılarkən, onun adı sətrin yuxarısında ayrıca yazılmalıdır. İ k i n c i: Pyesdə sözü, ya işi olan hər bir iştirakçının adı əsərin başlanğıcında yazılmalıdır. Məsələn: Saranın anası Şərəfnisənin və habelə Fəramərzbəyin adı başlanğıcda yazılmalıdır ki, Tuti xanımın kim olduğu mə’lum olsun. “Əşrəf xan” pyesində sözü və işi olan bə’zi fərraşların adları da əsərin başlanğıcında yazılmamışdır. Ü ç ü n c ü: Drama sənətində qayda budur ki, əgər mümkünsə, tamaşanın sonunda bütün iştirakçılar bir yerə yığışsınlar; əgər onların hamısının yığışması mümkün olmasa, ən azı üçdə iki hissəsi tamaşanın sonunda bir yerə yığışıb, sözlərini sona çatdırmalı və pyesi bitirməlidirlər. Amma sizin pyeslərinizdə iştirakçılar tamaşanın sonunda bir yerə yığışmırlar. D ö r d ü n c ü: Drama sənətinin məqsədi insanların əxlaqını yaxşılaşdırmaq, oxucu və qulaq asanları ibrətləndirməkdir. Belə olduqda Əşrəf xanın yanında bir müşavir də olmalıdır ki, Əşrəf xanı pul verməyə məcbur etdikləri zaman, həmin müşavir xanın Ərəbistan rəiyyəti ilə rəftarını bir-bir onun üçün saysın; məsələn, əsərin başlanğıcında yazmışsınız ki, guya Axund Möhsün, Əşrəf xanın müşaviri və onun oğlunun müəllimi olduğu üçün, xan onu da özü ilə paytaxta gətirmişdir. Əşrəf xan Şəxsi-əvvəlin və müstövfi Tərrar xanın zülmündən dadü-fəryad etdiyi zaman, Axund Möhsün ona deyir: A x u n d M ö h s ü n – Xan, mən dəfələrlə sizə demirdimmi ki, filan yerin rəiyyəti ilə belə-belə rəftar etmə, boynuna vəbal alma, bu yazıqların ahü naləsi nəticəsiz qalmayacaqdır?! Hər dəfə bu cür şeylər vasitəsi ilə, müxtəlif ibarələrlə Əşrəf xanın Ərəbistandakı işlərini və hərəkətlərini qulaq asanlara açıb bildirmək lazımdır. Əşrəf xan isə, Axund Möhsünün məzəmmətlərinin cavabında gərək müxtəlif yollarla özünün Ərəbistandakı işindən və rəftarından heyfsilənib, peşmançılığını bildirsin. Bundan başqa bir cür edin ki, Əşrəf xan bütün pullarını verib, borclu da düşsün, ehtiyacda da qalsın: Ərəbistandakı iş və rəftarına görə lap ürəkdən peşman olub, bir də hökumət xələti geyməsin, ona kədər və peşmanlıqdan başqa bir şey bağışlamayan hakimlik və əmirlikdən tövbə etsin və öz Allahı ilə əhdü peyman eləsin ki, əgər bu fəlakətdən xilas olsa, gedib öz atadanqalma mülkündə oturacaq, belə e’tibarsız və nizamsız bir dövlətin bütün ad, şöhrət və cahü cəlalından tamahını kəsəcək və ömrünün sonuna kimi güşənişin olacaq. Bundan sonra bir növ ilə onu azad edin. Səkineyi-Kaşinin əhvalatını bu pyesdən atmaq və Əşrəf xanı ağıllı, abırlı bir adam etmək lazımdır. Kətxudanın naibi Əşrəf xandan pulu başqa bəhanə ilə istəməlidir. Digər tərəfdən elə edin ki, Şah bir bəhanə ilə Şəxsi-əvvəlin və Tərrar xanın üstünə qəzəblənsin, onların bütün əmlakının əllərindən alsın və onları müflis və rüsvay etsin ki, dünya və axirətin zərər görmüşləri olsunlar; necə ki, bunu dəfələrlə görmüşük. Mirzə İbrahim xan Şirazi, Mirzə Əbülqasım Fərahani, Mirzə Tağı xan, Mirzə Ağa xan və başqalarının aqibətinin necə olduğunu kim bilmir? Beləliklə, sizin əsəriniz oxuculara və qulaq asanlara ibrət verə bilən kamil bir əsər olacaqdır; elə bir əsər ki, bütün İranda misli-bərabəri tapılmaz. B e ş i n c i: O dostunuz ki, Şeyx Sə’dinin tülkü hekayəsini sizə xatırlatmışdır, haqqı vardır. Müasirlər haqqında bu kimi şeyləri yazıb intişar etdirmək təhlükəlidir. Xüsusilə İran kimi bir ölkədə ki, fikir sahiblərinin əsərlərini çap etmək işinə hələ də mütləq azadlıq verilməmişdir. Bəs necə olsun? Mətləb çox ümdədir, yazılması çox vacibdir... Əlacı asandır. Hadisənin əmələ gəlməsi tarixini, dövlətində qaydaqanun olmayan Şah Sultan Hüseyn Səfəvinin əsrinə atın, guya onun padşahlığı zamanında Əşrəf xan Ərəbistandan gəlir və o bəlaya düçar olur. O halda heç kəs sənin yaxanı tuta bilməyəcək və müasirlər də bu əhvalatdan öz hesablarını aparacaqlar. Əgər belə bir mübahisə baş versə ki, Şah Sultan Hüseyn çox sağlam nəfsli idi, o, Şəxsi-əvvələ və Tərrar xana qəzəblənməz, cavab vermək olar ki, Şah Sultan Hüseyn malik olduğu o sağlam nəfsi ilə öz Şəxsi-əvvəlini bədbəxt etmiş və böyüklərdən çoxunu öldürmüşdür. Qəzəblənmək həmişə acıqdan olmur, süstlükdən və qayda-qanunsuzluqdan dəxi əmələ gəlir. Bununla belə, əgər mübahisə yeri varsa, Şah Sultan Hüseynin əvəzinə başqasını yazın; birinci Şah Abbasdan başqa ki, onun dövləti qayda-qanunlu idi. Əgər Əşrəf xanın adı müasirlər arasında tanınmışdırsa, dəyişin. Məsələn, Heydər xan, ya Rüstəm xan deyin; paytaxt da ki, İsfahandır. Bu pyesdə bu məsələni də unutmayın ki, Əşrəf xan gecə vaxtı öz xidmətçisi ilə danışdığı zaman səhərin açılmasına işarə edilməlidir ki, sübh açılan kimi onun divanxanaya getməsi mümkün olsun. Məgər o, gecə getmişdir? Bir də hər yerdə və hər zaman teatr məclisinin vəziyyəti şərh olunmalıdır. Məsələn, Əşrəf xan istəyir Şəxsi-əvvəlin divanxanasına yola düşsün. Bu halda divanxananın quruluşunu təsvir etməlisiniz ki, drama sənəti ustadları, yə’ni aktyorlar – ki, teatrda hadisənin tamaşasını göstərirlər, – sizin təsvirinizə uyğun olaraq teatr səhnəsinin quruluşunda dəyişiklik yaradıb, qabaqca Əşrəf xanın mənzili olan quruluşu bir anda dəyişib Şəxsi-əvvəlin divanxanası şəklinə salsınlar. A l t ı n c ı: Kövkəb və dəhbaşı Qasımın əhvalatı sizin bütün pyeslərinizdən daha gözəl və məzəlidir. Bu pyesin adını – “Sərgüzəştidəhbaşı Qasım və Kövkəb” qoyun; çünki Zaman xanın bu pyesdə bir o qədər rolu yoxdur. Sonra elə edin ki, Hacı Rəcəb öz işindən peşman olsun, fahişəbazlığı və şərab içməyi tövbə etsin, özünü də bir qədər cavan göstərin. Bundan başqa, Kövkəb rəğbət oyatdığı üçün, onun hüsn, gözəllik və məlahətini bir az artıq tə’rif edin və geniş surətdə yazın ki, guya o özü Hacı Rəcəbin Tavusa meyl etməsindən şübhələnərək onu öz görüşündən məhrum etmişdir. Hacı Rəcəb öz ixtiyarı ilə ondan uzaqlaşmamışdır və həqiqətdə Tavusa meyli yoxdur, bəlkə Kövkəbin məhəbbətindən aramsızdır. Və axırda elə edin ki, Kövkəb Hacı Rəcəbin səxavətindən və igidliyindən artıq dərəcədə mütəəssir olub, hiylə işlətməyinə ürəkdən peşman olsun. O, Hacı Rəcəbə bu hünərsiz, can bəsləyən, qeyrətsiz, mürüvvətsiz hakimlərin zülmündən şikayət edib desin ki, onlar gör necə namərd, nanəcib və rəzildirlər ki, cürbəcür şər-şıltaq yolu ilə öz rizqlərini biz yazıqların kürəyindən çıxarırlar. Halbuki, ölkənin ticarətinə və əkinçiliyinə rövnəq və rəvac verib, kəndlərin abadlığına və tə’mirinə çalışmaqla həm özləri faydalana bilərlər, həm də başqalarına fayda yetirə bilərlər. Bundan sonra Kövkəb Hacı Rəcəbdən xahiş etsin ki, onu qaravaşlığa qəbul edib, kəbinini kəsdirsin, bir parça çörəyini ondan əsirgəməsin, onu alçaq təbiətlilərin pəncəsindən xilas etsin və ona bu dünyanın rüsvayçılığından və axirət əzabından nicat versin. Hacı dəxi bu söhbəti Allahdan istəyirmiş kimi çox şadlıqla, bu təklifə razılıq verir və onu arvadlığa qəbul edir. Pyes tamam olur. Bütün bu əhvalat şirin və tə’sirli ibarələrlə ifa edilməlidir. İnşallah, bu ibarələrdə sizin qələminizin gücünü görəcəyik. Amma Kövkəb öz hiyləsini Hacı Rəcəbə xəbər verməlidir; yoxsa məhəbbət ədavətlə əvəz olunar. Sizin zəhmətinizi təzələdiyim üçün darıxmayın və əsəri yazmaqda tələsməyin. Bu əsərdir, sizdən əsrlərlə yadigar qalacaqdır; gərək mükəmməl, nöqsansız və xoşagələn olsun. Bununla belə dünya mənfəəti də nəzərdə tutulur; məsələn, əgər sizin əsəriniz xoşagələn, şövqləndirən və fərəhləndirici olsa, çap edildikdən sonra hər tərəfdə min-min alıcısı tapılacaqdır. Nə işlə məşğul olacaqsınız ki, bundan yaxşı olsun? Drama sənəti şərtlərinə görə fahişəbazlıq əhvalatı yolverilməz olduğu üçün onun şəbihini teatra gətirmək olmaz. Ancaq belə şeyləri oxumağın o qədər də eybi yoxdur. Ona görə ki, sizin məmləkətinizdə hakimlərin şər-şıltağı məhz bu qəbildəndir və bu hadisələri yazmaq vacib işlərdəndir. Digər tərəfdən isə, onu İranda tamaşaya qoymağın ehtimalı təsəvvürə gəlmir; çünki orada hələ teatr yaradılmamışdır. Kövkəbin əhvalatı xüsusilə çox şirin yazılmışdır. Hilə və tədbir cəhətdən drama sənətinə çox uyğunluğu vardır, ancaq bir yerindən başqa... Qulaq asın! Yazdığım səbəbə görə Kövkəbin sərgüzəştini teatrda tamaşaya qoymaq olmaz. Amma bu sərgüzəşt dəxi drama şəklində yazıldığı üçün, mütləq onun bütün şərtlərinə uyğun olmalıdır və bu şərtlərdən qafil olmaq heç bir vəchlə mümkün deyildir. Oxucu düşünməməlidir ki, müəllifin drama sənətindən xəbəri yoxdur. Bu sərgüzəştdə sizin həmin şərtlərdən qəflətiniz nədən ibarətdir? Baxın, mən sizə göstərim: Kövkəb Hacı Rəcəbə məktub yazır və onu Ağabacıya oxumur. Hacı Rəcəb də məktubu karvansarada yavaşdan oxuyur ki, Yəzdanbəxş və karvansara camaatı eşitməsinlər. Beləliklə, teatr salonunda əyləşən adamlar eşidib bilmirlər ki, Kövkəb nə yazmışdır. Digər tərəfdən də Hacı Rəcəb cavab yazır, onu karvansarada Ağabacıya oxuya bilmir. Ağabacı cavabı gətirib Kövkəbə verir, Kövkəb dəxi Hacı Rəcəbin cavabını Ağabacıya oxumur. Beləliklə, teatr salonunda olanlar genə də eşidib bilmirlər ki, Hacı Rəcəb nə cavab yazmışdır. Əsərin bu yerini belə islah edin: Kövkəb məktubu yazıb qurtardığı zaman, Ağabacıya müraciət edib deyir: K ö v k ə b – Qulaq as, gör Hacı Rəcəbə nə yazmışam! Məktubu oxumağa başlayır. Sonra Ağabacı gedir. Ağabacı getdiyi zaman teatr səhnəsinin quruluşu dəyişib sizin təsvirinizə görə karvansara və Hacı Rəcəbin hücrəsi görünməlidir. Ağabacı Hacı Rəcəbin cavabını gətirdiyi vaxt yenə Kövkəb Ağabacıya üz tutub deyir: K ö v k ə b – Ağabacı, qulaq as, gör Hacı Rəcəb nə cavab yazmışdır! Cavabı oxumağa başlayır. Burada dəxi teatr səhnəsinin quruluşu dəyişilir, yenə Kövkəbin mənzili görünür. Bununla da teatrda olanların hamısı eşidib bilmiş olur ki, Kövkəb nə yazmışdı və Hacı Rəcəb nə cavab vermişdi... Hacı Rəcəbin cavabının məzmununu karvansarada yazmaq lazım deyildir. Yalnız bu kifayətdir ki, Hacı Rəcəb cavab yazıb, Ağabacıya verir. Və cavabın məzmunu Kövkəb oxuduğu zaman veriləcəkdir. Bir də Ağabacı yolda nə deyibsə (məsələn: “hiyləgər arvadların atasına lə’nət!” və s.), teatrda oturanlar eşitmirlər. Bunu da belə islah etmək lazımdır: Məsələn, Ağabacı bu sözləri yolda demir. O, Kövkəbin otağına girir. Guya Kövkəb hələ otaqda deyil, həyətdə, ya mətbəxdədir. O vaxt Ağabacı bu sözləri deyir: – A ğ a b a c ı – Hiyləgər arvadların atasına lə’nət!.. və ilaxır. Bununla da teatrda olanlar Ağabacının sözlərini tamamilə eşidir. Bundan sonra Kövkəb otağa daxil olur. Müxtəsər, belə məsələləri həmişə nəzərdə tutmalısınız. Gərək teatr məclisi həmişə gözünüzün qarşısında olsun; məsələn, Əşrəf xan qalxdığı zaman “bismillah!” deyib sonra əlavə edir: “Allah, sən məni bu adamyeyən qurdların əlindən qurtar!”. Teatrda olanlar bu sözləri eşitməlidir. Bu surətdə onun gedib Şəxsi-əvvəlin divanxanasına girməkdən ibarət olan işini onun sözündən ayrı yazmalısınız. Bundan başqa “Sərgüzəşti-Kövkəb” drama fənni şəklində yazılmış olsa da, onun əvvəlində teatr tamaşasına qoyulmaq üçün deyil, oxunmaq üçün yazıldığına işarə edin; çünki bu sərgüzəşt bə’zi keyfiyyətlərə görə teatrda oynanılmağa əlverişli deyildir. Bunu bildirməkdən məqsədim odur ki, oxucu bilsin ki, siz drama fənni şərtlərinə vaqifsiniz, fahişə və fahişəbazlıq əhvalatını nəql etməyin eyib olduğu sizə mə’lumdur. Bundan başqa, Kövkəb öz otağında məktub yazanda və Hacı Rəcəb öz hücrəsində cavab yazmaqla məşğul olanda səhnədə tamaşaçıların qarşısında sükut və səssizlik olmamalıdır. Kövkəbin otağında Kövkəb məktubu bitirincəyə qədər Ağabacını kənizlə söhbətə məşğul edin ki, Kövkəb məktubu qurtarsın, Hacı Rəcəbin hücrəsində isə, Hacı Rəcəb cavabı yazıb bitirənə kimi Yəzdanbəxşi Ağabacı ilə söhbətə məşğul edin. Bu keyfiyyət hər yerdə sizin nəzərinizdə olmalıdır; yə’ni səhnədə pərdə endirilmədikcə, tamaşaçıların qarşısında qətiyyən sükut və səssizlik üz verməməlidir, onlar həmişə dinləyici halında olmalı və müttəsil bir şey eşitməlidirlər. Y e d d i n c i: Ağa Haşım sərgüzəştində o, yoxsul və malsız olduğundan, elə edin ki, barı ağıllı, savadlı və vüqarlı görünsün; çünki oxucu və qulaq asan ona maildir və onun xoşbəxt olmasını istəyir. Belə olan surətdə onun ayaqlarını fələqqəyə saldırmağınız və onu dəli kimi göstərməyiniz məsləhət deyildir. Bir də onun sevgilisini su gətirmək üçün çeşmə başına göndərməyin, onların bir-biri ilə görüşməsini elə yerdə göstərin ki, onların heç birinin təhqirinə səbəb olmasın. Bundan başqa, Sara suzmanilər kimi və bəlkə onlardan daha artıq utanmaz və həyasız bir qız kimi görünməkdədir. Bu sifət qızların təbiətinə ziddi və drama fənninin şərtlərinə müxalifdir. Elə edin ki, Sara həyalı və ismətli görünsün. Buna görə də onun anası ilə və başqaları ilə danışıqlarını dəyişdirin; tiryək atmağını, saçlarından bir çəngə qoparmağını və Güləndam bacının ayağını öpməyini yazmayın. Sara yalnız Ağa Haşımla azadə danışa bilər və könlü istəyəni deyə bilər. Bundan başqa, əziz qardaşım Mirzə Ağa, başlıca səhv və drama fənni əsaslarına bilmərrə uyğun olmayan cəhət budur ki, Hacı Pirqulu Ağa Haşıma deyir: – Qızım Saranı mən özüm alacağam və heç kəsə verməyəcəyəm. Eyvah!.. Heç belə sözləri teatr səhnəsində ata öz qızı haqqında deyə bilərmi?! Mütləq bu sözləri dəyişdirin! Bundan başqa, Ağa Haşımın yoxsulluqdan qurtarması üçün də bir fikir etmək lazımdır; məsələn, ona gəlin gətirmək üçün bir toy məclisi qurun və onun dostlarından, tanışlarından bir dəstə o məclisdə hazır edin, keyf zamanı guya hakim tərəfindən onun yanına bir fərraş göndərilir ki, ona desin: – Ağa Haşım, gözün aydın, sənin Həştərxanda ticarətlə məşğul olan əmin filankəs vəfat etmişdir, varisi olmadığı üçün əlli min tümən miqdarında olan bütün sərvətini sənin adına vəsiyyət etmişdir, varyoxunu Rəştdə rus konsulxanasına göndəriblər, gərək təhvil alasan! Məclisdə oturanların sevinc səsləri yüksəlir. Sərgüzəşt qurtarır. S ə k k i z i n c i: “Sərgüzəşti-Şahqulu Mirzə” başdan-ayağa pisdir. Onu yandırın. Təfəkkür sahibinə bu kimi şeylər yazmaq layiq deyildir. Eyrəc Mirzə pis hərəkət etmişdir və öz əmisinin başına rüsvaylıq gətirmişdir. Vəssəlam. Bu kimi hərəkətlər insanlar arasında ümumi bir şey deyildir; çox şit, yersiz və məzəsiz oyuncaqdır ki, drama fənninin əsaslarına ziddir, eşidilməsi zövqlərin çoxuna xoş gəlməz. Xüsusilə hal-hazırkı səltənət xanədanı fərdlərindən birini rüsvay etdiyi üçün bundan xətər də gələ bilər... Ümidvaram ki, öz əsərlərinizi göstərdiyim qərar ilə təkmilləşdirib çap edəcəksiniz; bundan sonra da bu cür əsərlər yazmaqla məşğul olub, yeni ərsəyə gələn iste’dadlı gənclərə də drama fənnini öyrədəcəksiniz ki, onlardan hər biri, avropalıların nəzərində sənətlərin ən şərəflisi olan bu fəndə bir şey düşünərək yazsınlar. Bəlkə sizin hümmətiniz sayəsində bu gözəl fənn və bu yeni yazı üsulu bizim millətimiz arasında da şöhrət tapsın və hər kəsə mə’lum olsun. Avropada bu fənnin yazıçılarından hər biri öz iste’dadına görə ali rütbələrə çatmış, yüksək ad, fövqəl’adə şöhrət qazanmış və padşah saraylarına yaxın adamlar olmuşdur; millətin o dərəcədə tə’zim və təqdirini qazanmışlar ki, öldükdən sonra millət onların hünəri müqabilində təşəkkür əlaməti olaraq qəbirləri üzərində uca imarətlər, yə’ni abidələr tikmişlər. Molyer və Şekspir bu kimi tə’zimə layiq şəxslərdəndirlər ki, bir-bir saymağa ehtiyac yoxdur. “Gülüstan” və “Zinətül-məcalis” dövrü keçmişdir. Bu gün bu cür əsərlər millətin işinə yaramır. Bu gün millət üçün faydalı və oxucuların zövqü üçün rəğbətli olan əsər – drama və romandır. Roman da drama fənninin bir qismidir ki, izahı uzun şərhə möhtacdır. Bunu, səfarətxanalarında işlədiyiniz firənglərdən şifahən soruşun, sizə bəyan eləsinlər. Mənim məktublarımın çatması haqqında mənə mə’lumat verin və bundan sonra öz məktublarınızı məndən əsirgəməyin. Sizin əziz canınıza and içirəm ki, siz məni o qədər şad eləmisiniz ki, uzaqdan gözlərinizi öpürəm. 28 iyun, 1871-ci il, Tiflis ətrafındakı Qocur yaylağında; qardaşınız Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı * * * 1872-ci il mart ayının sonlarında Tehrana gedərkən Tiflisə gəlmiş Ruhül-qüdsdən neçə məclisdə eşitdiklərim Əvvələn – bir dövlətin, ixtira sahibi olan bir şəxsə öz ixtirasının nəticələrindən fayda görməsi üçün imtiyaz verməsi lütf sayılmamalıdır. Ona görə ki, imtiyaz ixtira sahibinin haqqını qorumaq üçün verilən bir şeydir və belə bir imtiyazı verən dövlət ixtira sahibinə mərhəmət etmir, onu öz minnət və ehsan yükünün altına almır, ancaq ədalətin şərtlərini yerinə yetirir. İkinci – dövlət ixtira sahibinin mə’nəviyyatını, səlahiyyətini, yaxşı və pis olmasını təhqiq və təsdiq edərsə və bu xüsusda öz fikrini bütün təbəələrinə e’lan edərsə, böyük bir səhvə yol vermiş olar. Çünki belə olarsa, iki məsələdən biri mütləq ortaya çıxa bilər. Ya dövlət öz təhqiq və təsdiq fəaliyyətində səhvə və xətaya yol verərək, xalqı həmin ixtira yolunda çaşbaş salar ki, bu da dəfələrlə müşahidə olunmuş və xalqın böyük zərərinə səbəb olmuşdur. Təcrübələr əsasında dəfələrlə belə hadisələrin baş verdiyi görünmüşdür. Məsələn, Fransa dövləti bir neçə il bundan qabaq bir nəfər bankirin ixtirasını təhqiq və təsdiq edib, onun düzgün olduğunu bütün təbəələrinə e’lan etmişdir. Xalq isə dövlətin sözünə inanaraq, qazanc təmənnası ilə həmin bankirə çoxlu pullar tapşırdılar. Lakin ixtiranı təcrübədən keçirmək məsələsi ortalığa gələrkən mə’lum oldu ki, ixtira düzgün deyildir, dövlət isə öz təhqiqatında yanlışlığa və səhvə yol vermişdir, bu səhv də xalqı böyük zərərə salmışdır. İkinci halda, dövlət yenə də öz yoxlama işlərində səhv edərək, ixtiranı təsdiq etməzsə, yenə də öz təbəələrini o ixtiranın qazancından məhrum etmiş olar və bu mənfəət başqalarına çata bilər. Bu cür hadisələr də dəfələrlə müşahidə olunmuşdur. Məsələn, buxar gəmisini ixtira edən şəxs öz ixtirasını birinci növbədə Napoleona bildirmişdi. İclas edərək yoxlama apardıqdan sonra bir hökm imza edib bildirdilər ki, ixtiraçının təqdim etdiyi ixtira qələt və mə’nasızdır. İxtiraçı Yengi Dünya dövlətinə müraciət edərək öz ixtirasını orda göstərdi və bu ixtira qəbul edildi, ixtiraçının fikri həyata keçirildi. Nəticədə, Fransa dövləti illər uzunu ah çəkib, təəssüf etdi ki, biz nə üçün bu ixtiranı rədd edib, onun mənfəətindən məhrum olaraq, böyük şöhrət qazanmaq imkanını əldən verdik?! Beləliklə, mə’lum olur ki, hər cür ixtiranın əlverişli olub-olmaması haqqında təhqiqat aparmaq, onu təsdiq və ya rədd etmək dövlətin vəzifəsinə daxil olmamalıdır. Üçüncü – habelə imtiyazı verməzdən əvvəl dövlətin ona təqdim edilən ixtiranın ixtiraçı tərəfindən oğurlanıb-oğurlanmadığı haqqında təhqiqat aparması da yanlış bir işdir. Ona görə ki, birinci – belə bir təhqiqatı sona çatdırmaq heç bir vəchlə mümkün deyildir. İkinci – bu səbəbə görə imtiyaz vermək işinin gecikdirilməsi ixtiraçının zərərinə başa gələ bilər. Belə ki, işin gecikdirilməsi nəticəsində çox mümkündür ki, başqa bir ölkədə başqa bir ixtiraçı həmin ixtiranı düşünsün və birinci ixtiraçıdan daha əvvəl öz fikrini həyata keçirməyə müvəffəq ola bilsin. Unutmaq olmaz ki, əgər ixtiraçı təqdim etdiyi ixtiranı oğurlamışsa, imtiyaz verilmiş olsa da, ixtiranın həqiqi müəllifi hər zaman oğrunu mühakiməyə verib, öz haqqını tələb etməyə haqlıdır. Əvvəllər Avropa ölkələrində belə bir qayda var idi ki, istənilən imtiyazı vermək dövlətin ixtiraçı haqqında iltifatı sayılırdı və yuxarıda qeyd etdiyimiz hər iki təhqiqatı hər cür ixtira barədə icra edirdilər. Lakin həqiqəti bu son zamanlarda başa düşmüşlər. İndi tamamilə bunun əksinə rəftar edirlər. İstər yaxşı, istərsə də pis olsun, hər cür imtiyaz istənilərsə, sözsüz-söhbətsiz həmin saat və həmin dəqiqədə ixtira sahibinə verilir. Hal-hazırda Fransa ölkəsində hər il dövlətə və ya 15 min ixtira təqdim olunur. Dövlət bu 14-15 min ixtira sahibinin hamısına imtiyaz verir, onlardan ancaq mini düzgün və mə’nalı çıxır. Osmanlı dövləti əmələ gəldiyi gündən bəri, öz xalqı içərisində hələ ixtira üçün imtiyaz istəyən görməmişdir. Orada bir nəfər də olsun ixtiraçı yoxdur və heç kəsə ixtira haqqında imtiyaz verilməmişdir. Birinci ixtiraçı və birinci imtiyaz istəyən mən idim ki, öz ixtira etdiyim əlifba ilə mətbəə təşkil edib kitab və qəzet çap etməyə başlamaq imtiyazını istədim. Lakin Osmanlı dövlətinin “şüurlu nazirləri” özlərini bilikli adamlar kimi göstərərək, bu işin yaxşı və pis nəticə verəcəyini yoxlamağa başladılar: sonra isə mənim xahişimi rədd etdilər və dedilər ki: “Bu ixtira başqalarınınkıdır”. Halbuki onların “başqası” adlandırdığı şəxsin xahişinə görə mən onlardan imtiyaz istəyirdim. İkinci, bu gün dünyanın xarabalığının səbəbi bunun nəticəsindədir ki, dinlərin vətəni olan Asiyadan peyğəmbərlər meydana çıxıb, öz dinlərini burada və Avropada yaymaqla və sonra onların dinini yaymağa çalışan və xalqın nəzərində müqəddəslik və övliya dərəcəsinə çatan vəsilər, peyğəmbərlər, imamlar, naiblər və xəlifələrin moizələri nəticəsində ilahi nurun əsərlərindən olan insan ağlı Asiya xalqları içində, ümumiyyətlə, Avropa xalqları arasında qismən ən alçaq dərəcələrə enmiş və özündən yüksək bir varlıq olmayan insan zəkası, şəxsi-qərəzliklərin nəticəsində tamamilə şərafət və e’tibar dərəcəsindən düşmüşdür. İndiyədək insan ağlı əbədi həbsdə saxlanılır, təfəkkür və təcrübədə onu dəlil və sənəd kimi qəbul etmirlər. Hədislər insan ağlından üstün və əsaslı sayılır. Məsələn, mövcud olan əqli elmlər əsasında ağıl qəbul edə bilmir ki, Həzrət İsa Allahın Məryəmdən doğulmuş oğludur və o, ölüləri dirildirmiş. Məryəm heç bir kişi ilə yaxınlaşmadan bakirə vəziyyətində Allahın özündən hamilə olaraq Həzrət İsanı doğmuşdur. Lakin həvvarilər və din xadimləri deyirlər ki, ağlın hökmünə və təhqiqatına inanmaq lazım deyil. Həqiqət ancaq “İncil”in yazdığı və bizdən qabaq gələnlərin söylədikləridir ki, ağızdan-ağıza bizə gəlib çatmışdır. Əlbəttə, siz eşitmişsiniz ki, orta əsrlərdə nə qədər insanlar ağlın hökmünə görə, dini e’tiqadlara qarşı öz şübhələrini bildirdikləri üçün rəhmsizcəsinə oda atılaraq yandırılmışlar. Təkcə Əndəlis ölkəsində bu kimi adamların sayı 4 milyona çatırdı. E’tiqadı süst olan adamları yandırmaq üçün o ölkədə və Avropanın başqa yerlərində tə’sis edilmiş cəza evlərini “İnkivizasion” adlandırırdılar. Bir gün Əndəlisdə oranın darülfünunu bitirib, kəmal və fəzilət əldə etmiş gözəl və sevimli bir gənci dinə qarşı bə’zi şübhələr irəli sürdüyünə görə yandırırdılar. Qayda-qanuna görə Avropa xaçpərəstlərinin Papa adlanan baş rəisi və eyni zamanda ölkənin padşahı da adam yandırılan zaman bütün əhali ilə birlikdə hazır olub, mərasimə tamaşa etməli idilər. O dövrün padşahının adı Ferdnand idi. Təsadüfən, cəza evinin əmələləri həmin gənci odun anbarının yanına gətirərkən padşah da baxıb, gənci yandırmaq mərasimini müşahidə edirdi. Mərasim insanı cəhənnəmdə yandırmağın bir nümunəsi idi. Gənci odun anbarının üstünə apararaq, od vurdular. Alov hər tərəfdən qalxaraq, gəncə tərəf yaxınlaşırdı, gəncin ürəkyandırıcı fəryad səsi yüksəldi. İnsan təbiətinin tələbinə görə, Ferdnand padşahın qəlbi gəncin əhvalına yandı və birdən-birə ixtiyarsız olaraq “vay, yazıq!” sözünü dilinə gətirdi. Cəza evinin rəisi olan baş röhban və bütün keşişlər padşahın ürəkyanmadan gələn bu səsini eşitdilər; baş keşiş acıqlanaraq, hökm etdi ki, padşahın kafirə ürəyi yandığına görə, özü də kafir olmuşdur. Əgər belə olmasaydı, necə ola bilərdi ki, onun qəlbində lə’nətlərə layiq olan bir gəncə rəhm əsəri zahir ola bilsin? Buna görə də, dinin ehkamına və Papanın qanunlarına əsasən, padşah özü də cəzaya layiqdir və mütləq yandırılmalıdır. Belə bir heyrətləndirici həngamədə hazır olan ölkə camaatı padşahın üzünə lə’nətlər yağdırıb, lə’nət edə-edə öz evlərinə qayıtdılar, padşahı tutub həbs etmək qərarına gəldilər. Gecə ikən, padşah əlacsız qalaraq, ağlaya-ağlaya, piyada, baş keşişin evinə tərəf yollandı, onun ayaqlarından öpdü, tövbə edib yalvardı, bağışlanmasını xahiş etdi. Min cür yalvar-yaxardan və min cür ağlayıb-sızlamadan sonra mürüvvətsiz baş keşiş padşahı bağışladı. Sonra dəlləyi çağırdı, onun qolundan bir qədər qan aldı və qanı kiçik bir şüşəyə tökdürdü. Odun yığdılar və bütün camaatı toplayaraq, qanla dolu o şüşəni odunların üstünə qoyub yandırdılar və bu vasitə ilə padşahın cəzalanmasını əvəz etdilər. Beləliklə, bəşər övladına səadət və qurtuluş ancaq o zaman nəsib olacaqdır ki, istər Asiyada və istərsə də Avropada, insanın şüuru tamamilə əbədi həbsdən xilas olacaq və bütün işlərdə və təfəkkürdə hədislər deyil, insanın ağlı yeganə dəlil, sənəd və hakimi-mütləq olacaqdır. Üçüncü, Osmanlı, İran və Qafqaz əhalisi üç tayfadan ibarətdir: yəhudilər, xaçpərəstlər və müsəlmanlar. Ey Mirzə Fətəli, sən bu üç tayfadan heç birinin dininə sataşmamalı və heç birinə “sizin dininiz batildir, siz doğru yolla getmirsiniz, sizin e’tiqadınız belə, ya elə olmalıdır” deməməlisən! İnsanları yola gətirmək, onlara düzgün yol göstərib, həqiqəti öyrətmək qaydası belə deyildir. Sən bu qayda ilə özünə minlərlə düşmən və bədxah hazırlayarsan və məqsədinə də yetişməzsən. Onlardan hər biri tərslik və inad üzündən, sənin sözünü səmərəsiz və sənin dəlillərini puç hesab edəcəkdir. Sənin zəhmətin hədər və səmərəsiz olacaqdır. Sən onların heç birinin dinindən yapışma! Sən onların dinini bir tərəfə qoy! Onların dininin batil olması haqqında danışma! Sən təbliğatını bu cür başla: Bizdən əvvəl yazılan tarix kitablarında bu dünyanın tarixini yeddi min il söyləmişlər. Bu günə qədər əldə etdiyimiz qəti dəlillərə görə dünyanın yaranmasından bir neçə kürur min illər keçib. Musanın, İsanın və Məhəmmədin dinlərindən qabaq, dünyada saysız-hesabsız puç dinlər olmuşdur. Məsələn, bütpərəstlik, atəşpərəstlik, brəhmənilik, yunanların çoxallahlılığı və i.a. Belə isə insanın ağlı bir işə heyran qalır ki, nə üçün dünyaları yaradan Allah doğru sayılan bu üç dini yaratmazdan əvvəl, o qədər puç dinlərin bir neçə min il dünyada yaşamasına imkan vermişdir? Belə bir heyrətləndirici təsəvvürün nəticəsində insan ağlı istər-istəməz belə bir mə’nanı dərk edir və qəti hökm verə bilir ki, cəlal sahibi olan Allahın o pus dinlərin əmələ gəlməsi və yaşamasında qətiyyən iştirakı olmamışdır. Bəlkə də onların hamısını zirək və şöhrətpərəst adamlar öz məqsədlərinə çatmaq üçün özləri quraşdırmışlar. Belə ki, qədim dinlərin puç olması düzgün sayılan üç dinə inananlara tamamilə aydın və aşkar oldu, onlar öz-özlərinə və ixtiyarsız öz inandıqları dinlərin də puç olduğunu bu əyardan başa düşəcəkdilər. Onlar anlayacaqdırlar ki, əgər dünyada din lazım idisə, nə üçün dünyanın Allahı bir neçə min ilin ərzində haqq bir peyğəmbər göndərmirdi ki, o puç dinləri yer üzündən təmizləsin və nə üçün bu işi ancaq Həzrət Musa zamanında başlamışdır? Məgər o zamana qədər bu dünyanın və bu insanların ixtiyarı onun öz əlində deyildi? Məgər o zamana qədər Allah yatmışdımı ki, sonra oyanıb gördü ki, puç dinlər onun dünyasını zibilləmişdir və buna görə də sonra Həzrət Musanı və onun yoldaşlarını göndərmək qərarına gəldi? Dördüncü – haqqı batildən seçmək və əyrini düzdən ayırmaq işində bu günə qədər bizim səhvimiz onda olmuşdur ki, biz həmişə bir-birindən fərqli olan iki məsələni bir məsələ hesab etmişik. Halbuki bu iki məsələ nəinki eyni deyil, hətta biri digərinin ziddidir. Onlardan biri elmdir, ikincisi e’tiqaddır. Məsələn, elm deyir ki, birinci Napoleon olmuşdur və Moskvaya getmişdir və aqibəti də belə, ya elə olmuşdur. Bu xüsusda e’tiqada artıq ehtiyac yoxdur. Çünki məsələ qəti surətdə elmə əsaslanır. Dəlil və sübuta ehtiyacı olmayan hər bir məsələ və ya dəlil və sübutu qəti olan hər bir məsələ elmdir. Belə bir məsələnin e’tiqada dəxli yoxdur. Digər tərəfdən isə dini rəhbərlərin verdiyi xəbərlərə görə, bizdə belə bir əqidə əmələ gəlmişdir ki, Həzrət Musa Tur dağına getmişdir və dünyanın Allahı ilə danışmışdır. O öz əsasını daşa vurmuşdur, daşdan bulaqlar çıxmışdır və sairə və i.a. Bu məsələnin dəlil və sübuta ehtiyacı vardır. Əgər dəlili olsa da, heç bir zaman qəti ola bilməz. Belə isə biz bu məsələni elm adlandıra bilmərik. Biz bu məsələni e’tiqad adlandırmalıyıq və ona elm üzündən deyil, e’tiqad üzündən yanaşmalıyıq. Lakin bizim din rəhbərlərimiz bu kimi məsələləri də elmin bir sahəsi hesab edirlər. Necə ki, deyirlər: təfsir elmi, hədislər elmi, kəlam elmi və sairə. Bundan sonra isə deyirlər: fizika, riyaziyyat, coğrafiya, astronomiya və sairə. Onlar bunların hamısını elm adlandırırlar və belə iddia edirlər ki, birincilər də sonuncular kimi elmdir. Halbuki, bu sonuncuların birincilərdən fərqli olması gündən aydındır. Biz, birinciləri e’tiqad məsələləri ilə əlaqələndirib, yalnız sonuncuları elm adlandırmalıyıq. Beşinci – kimyanın həyatda olmamasının dəlili bundan ibarətdir ki, kimya elminin gücü sayəsində hər bir mürəkkəb şeyin başqa bir şeyə çevrilməsi mümkündür, lakin bəsit şeylərin başqa şeyə çevrilməsi hələlik imkan xaricindədir. Məsələn, zəy mürəkkəb şeylər qismindəndir. Biz onu suya çevirə bilərik, sonra onu havaya təbdil edə bilərik, yenə də həmin zəy havasını, yə’ni onun mahiyyətini, əsil mahiyyətindən fərqlənən başqa bir şeyə çevirə bilərik. Lakin gümüşü, qızılı, qurğuşunu və bu kimi bəsit şeyləri də suya və havaya döndərə biləriksə də, lakin onlardan əmələ gələn havanı, yə’ni onların mahiyyətini, bu mahiyyətin ziddi olan başqa bir şeyə çevirə bilmərik. Əgər biz bu filizlərin havasını başqa bir şeyə çevirsək, yenə də həmin filizlərin özlərini maye və ya sülb vəziyyətinə gətirə bilərik. Beləliklə də, mə’lum olur ki, qurğuşun gümüşə və mis heç bir zaman qızıla çevrilə bilməz və guya qurğuşunu gümüşə və misi qızıla çevirən iksir deyilən şey ənqa və simurğ quşu kimi əfsanəvi bir şeydir. Yə’ni adı olub özü olmayan bir kəlmə, mövhumi və xəyali bir işdir. Altıncı – hər bir din üç müxtəlif əmələ şamildir: e’tiqad, ibadət və əxlaq. Hər dinin əmələ gəlməsindən əsas məqsəd üçüncü əməldir. E’tiqad və ibadət əsas məqsəd olan üçüncü əmələ görə yardımçı işlər hesab olunur. İnsanın gözəl əxlaq sahibi olması üçün biz gərək elə xəyali bir vücud nəzərimizdə tutaq ki, o, ən gözəl əxlaq, əzəmət, cəlal, qüdrət, rəhmət, mətanət sahibi olub, pərəstiş və ibadətə layiq olsun ki, biz də özümüzü əxlaq cəhətdən ona uyğunlaqdırmağa çalışar və belə bir varlığı aləmin Allahı və kainatın yaradıcısı adlandıraq. Belə bir varlığı nəzərdə tutub, onu pərəstiş və ibadətə layiq gördükdən sonra ona namaz, oruc, həcc, zəkat və bu kimi pərəstiş və ibadət rüsumunu yerinə yetirməliyik. Belə bir vücudu nəzərdə tutduqdan və onun haqqında pərəstiş və ibadət mərasimini yerinə yetirdikdən sonra onun mərhəmətinə bel bağlayıb, onun qəzəbindən də qorxmalıyıq. Belə bir vücudun rəhmətinə bel bağlayıb qəzəbindən qorxduqdan sonra onun gözəl əxlaqını təqlid etməliyik. Buna görə də heç bir günaha yol verməməliyik ki, onun rəhmətinə şamil olub, qəzəbinə düçar olmayaq. Bəs belə isə, əgər biz elə bir vasitə tapsaq ki, ibadət və pərəstişə layiq sayılan bu vücudu nəzərə gətirmədən gözəl əxlaq sahibi ola bilək, o zaman dinin ikinci dərəcəli şərtləri olan e’tiqad və ibadətə lüzum qalmır. Bir halda ki, belə bir vasitə tapılmamışdır, ikinci dərəcəli olan iki əməl əsil məsələdən, yə’ni gözəl əxlaqdan ibarət olan məqsəddən ayrılmır. Əgər ayrılarsa, əsil məqsəd tamamilə ortadan gedər. Bir çox Avropa və Yengi Dünya ölkələrində elmin geniş yayılması nəticəsində xalqın yaxşı əxlaq kəsb etmək üçün hər dinin iki şərti olan e’tiqad və ibadətə ehtiyac yoxdur. Lakin Asiyada elm yayılmamışdır; ona görə də bu qit’ədə hər dinin əsas məqsədi olan yaxşı əxlaq kəsb etmək üçün həmin iki şərtin saxlanılması vacibdir. Yeddinci – heyvan cinsi iki növdən ibarətdir. Onlardan biri inkişaf qəbul edənlərdir. Məsələn, insan ki, vəhşilik aləmindən tərbiyə aləminə qədəm qoyaraq, sonra yavaş-yavaş inkişaf aləmində irəliləyir. İkincisi – inkişaf etməyənlərdir. Məsələn, dəvə, at və bunlar kimi ki, dünya yarandıqdan bu günə qədər necə vardılarsa, elə də qalmışlar və bundan sonra da həmin vəziyyətdə qalacaqdırlar. İnsanların yeddi vəzifəsi vardır. Əgər insan onların hamısını yerinə yetirsə, kamil adam sayılır və əgər bə’zilərini yerinə yetirib, bə’zilərini yetirməzsə, naqis insan sayılır və əgər bu yeddi vəzifədən heç birini yerinə yetirməzsə, bəşəriyyət dairəsindən çıxaraq, heyvanlıq dairəsinə daxil olar. Birinci vəzifə ondan ibarətdir ki, insan pis əməllərdən çəkinməlidir. İkinci vəzifə budur ki, insan yaxşılıq etməyə çalışmalıdır. Üçüncü vəzifə bundan ibarətdir ki, insan zülmü dəf etməyə çalışmalıdır. Dördüncü vəzifə bundan ibarətdir ki, insan öz həmnöv’iləri ilə cəmiyyətdə müttəfiq yaşamalıdır. Beşinci vəzifə bundan ibarətdir ki, insan elm ardınca getməlidir. Altıncı vəzifə bundan ibarətdir ki, insan hər yerdə elmi yaymağa çalışmalıdır. Yeddinci vəzifə bundan ibarətdir ki, insan öz qüvvəsi və öz imkanları daxilində özünə müttəfiq olan cəmiyyət, öz həmvətənləri və öz həmfikirləri içərisində qayda və qanunları mühafizə etmək uğrunda mübarizə aparmalıdır. Bu yeddi vəzifədən hər birinin geniş şərh və izaha ehtiyacı vardır. Onlardan hər biri cürbəcür bəyanat və təfsilata möhtacdır ki, onları “Adəmiyyət” kitabında yazmışam. Burada onları izah etməyə imkanım yoxdur və bu yeddi vəzifə “Adəmiyyət” kitabının əsil məzmununu təşkil edib. Mirzə Fətəlinin sualı: – Görünür ki, bu məsələlər Fəramuşxanənin məsələlərindəndir? Ruhül-qüdsün cavabı: – Bəli, Fəramuşxanədə aparılan müsahibə zamanı hərdənbir bu məsələlər də müzakirə olunur. Lakin Fəramuşxanənin məsələləri çox-çox böyükdür və bu məsələlərdən xaricə çıxır. Mirzə Fətəli Axundzadə 1279-cu ilin yay fəslində üç ay Tiflisin Qocur yaylağında qaldım. İşdən asudə saatlarda bə’zən “Hidayət” təxəllüslü Rzaquluxanın yazdığı “Rövzətüs-səfayi-Nasiriyyə” tarixini mütaliə edirdim. Tehran qəzeti müdiriyyətindən xahiş edirəm ki, mənimlə Rzaquluxan arasında əmələ gələn bu mübahisələri “Darülxilafə” ruznaməsində çap etsin; bu şərtlə ki, mükalimələr bir-birinə qarışmasın. * * * Kitabxana.az · https://kitabxana.az/collections/axundzade-meqaleler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1878). Public domain (author died 1878). Original text only.