Mürafiə vəkillərinin hekayəti Mirzə Fətəli Axundzadə (1812–1878) Mürafiə vəkillərinin hekayəti (ŞƏHRİ-TƏBRİZDƏ) Təmsili-guzarişi-əcib ki, keyfiyyəti üç məclisdə bəyan olub itmamə yetir. Əfradi-əhli-məcalis Səkinəxanım – mərhum Hacı Qafu- AğaKərim – miyançı, dəllalbaşı. run bacısı, on səkkiz yaşında, qız. Dördnəfərsərbaz – Bədəl və Gülsəba – onun qaravaşı. Qəhrəman və Qəffar və Nəzər adlı. Əzizbəy – onun sevgilisi və adaxlısı. HacıRəcəbəli – darugeyi-bazari- Zeynəb – Hacı Qafurun mütə siğəsilə Təbriz, dörd nəfər əmələsi ilə – Həp o olan arvadı. və Şeyda və Qurbanəli və Hənifə adlı. Yeddiaylıqtifil – onun oğlu. Hakimi - şər. AğaAbbas – onun qardaşı. Haşiyənişinani-məhkəmeyi-mürafiə – Zübeydə – Səkinə xanımın bibisi. Ağa Rəhim və Ağa Cabbar və Ağa AğaHəsən – tacir. Bəşir və Ağa Səttar adlı. AğaMərdan – vəkili-mürafiə, hal- Şahzadəninfərraşı – Nəsir. vaçı oğlu. Hakimi - şərinnökəri – Əsəd. AğaSəlman – vəkili-mürafiə, ələkçi Şahzadənin fərraşbaşısı. oğlu. * * * Əvvəlimci məclis Əvvəlimci məclis vaqe olur Təbriz şəhərində, Bağmeşə küçəsində, Hacı Qafurun imarətində. Onun bacısı Səkinə xanım pəncərə qabağında durub, qaravaşı Gülsəbani çağırır. Səkinəxanım. Gülsəba, Gülsəba, huy! Gülsəba (daxil olur). Nə buyurursan, xanım? Səkinəxanım. Gülsəba, heç bilirsən ki, mənim bu bihəya qardaşım arvadı başıma nə iş gətiribdir? Gülsəba. Xeyr, xanım, bilmirəm. Səkinəxanım. Hakimi-şərə adam göndərib bildiribdir ki, qardaşından qalan pulları mənə verməsin ki, mənim ilə onun davası var; o pul gərək ona yetişə. Gülsəba, belə iş olurmu? Vallah, mən bilmirəm ki, tarı yanında nə günahın sahibiyəm ki, həmişə bir səbəb düşər, mənim bəxtim bağlanar. Gülsəba. Xanım, nə cəhət belə güman edirsən? Səkinəxanım. Gülsəba, özün bilirsən ki, mən Əziz bəydən ötrü biixtiyaram. Biçarə iki il sərasər mərhum qardaşıma yalvardı ki, məni ona versin; vermədi ki, əhli-zələmə oğludur. İndi ki, qardaşım ölüb, ixtiyarım düşüb öz əlimə; istirdim ki, qardaşımdan qalan pulu alıb, tədarükümü görüb arzuma çatam. Bu bihəya qardaşımın arvadı mənə müddəi çıxıb, pulun yetişməyini təxirə saldı. Gərək indi dava çəkməyə məşğul olam. Gülsəba. Xanım, qardaşın arvadının məgər irsdə payı var? Səkinəxanım. Xeyr, heç payı yoxdur. O, qardaşıma kəbinli arvad deyildi ki, irs apara. Övladı yoxdu ki, irsə şərik ola. Heç bilmirəm ki, nə səbəbə mən müddəi çıxıbdır? Gülsəba. Xanım, inşallah bir iş bacara bilməz. Mənə bir nəzir elə dua edim, Allah tez sənin bu işinə feysəl versin, arzuna yetirsin. Səkinəxanım. Nə nəzir edim? Gülsəba. Nəzir elə ki, işin tamam olub pul yetişsə, mənim də toy xarcımı çəkib ərə verəsən. Səkinəxanım. Çox yaxşı, dua elə, davamız tez qurtarsın, səni də ərə verrəm. İndi dur, get Əziz bəyi bura çağır, görüm bu işə nə bina qoyur. Hakimişər adam göndərib mənə xəbər edibdir ki, vəkil tutub mürafiəyə göndərim. İndi Əziz bəydən başqa mənim bir adamım yoxdur. Biz Təbrizdə qəribik, əgərçi, bir bibim var; amma arvad tayfasının əlindən nə iş gələcək? Gülsəba tez çölə çıxıb geri qayıdır. Gülsəba. Əziz bəy özü gəlir. Səkinə xanım pəncərəni salır, bu halda Əziz bəy içəri girir. Əzizbəy (tünd). Səkinə xanım, axır mənim günümü bu yerə yetirdin! Səkinəxanım (təəccüblə). Əziz bəy, məgər nə vaqe olubdur acıqlanmısan? Əzizbəy. Səkinə xanım, sən bilirsən ki, mən iki ildir məktəbdən çıxıb, sənin dərdi-eşqinə giriftar olub Təbrizdən ayaq bir yana qoya bilməmişəm! Nə qədər ki, sənin qardaşın mənə sitəm edib məni səndən uzaq eləməyə çalışırdı, o qədər mənim məhəbbətim artıb, onun cövr və cəfasına səbr edib dayanmışam; bu ümidlə ki, sənin vüsalın mənə müyəssər olacaq. İndi ki, vüslət zamanı yaxınlaşıb, arzuma çatmaq ümidilə xəyalımı xoş edib aram tutmuşam, istəyirlər ki, genə məni bədbəxt etsinlər. Səkinəxanım. Nə danışırsan? Vazeh danış görüm mətləbin nədir? Anlamıram nə deyirsən? Əzizbəy. Necə anlamırsan? Məgər sənin xəbərin yoxdur? Dünən Ağa Həsən tacir malikütüccarın və kəndxudanın və Molla Bağırın arvadını bibin yanına elçi göndərib, səni xastkarlıq edibdir və bibin də söz veribdir ki, səni ona versin. Səkinəxanım. Bibim boş söyləyibdir. Kimdir onun sözünə baxan! Əzizbəy. Xeyr, bu sözlər ilə mən sakit olmanam. Ya gərək bu saatda bibini çağırdıb mənim qulağım eşidə-eşidə deyəsən ki, sən Ağa Həsənə getməyəcəksən, yainki gərək bu gün mən Ağa Həsəni öldürəm! Nə karədir bir arşın ölçən mənim adaxlıma göz tikə! Vallah bu saat gedib bu xəncər ilə onun bağırsaqlarını ayağına dolaram! Səkinəxanım. Çox yaxşı, mən bu saatda bibimi çağırdıb deyərəm ki, mən Ağa Həsənə gedən deyiləm. Bibim gələndə sən gir o biri otağa, öz qulağınla eşit. Gülsəba! Gülsəba. Bəli! Səkinəxanım. Gülsəba, get bibimi bura çağır! (Gülsəba gedir). Yaxşı, indi de görüm, biz kimi vəkil tutaq? Əzizbəy. Nə işdən ötrü? Səkinəxanım. Necə nə işdən ötrü? Axır eşidibsən ki, qardaşım arvadı qardaşımdan qalan irsə müddəi çıxıb, məni mürafiəyə çağırır. Əzizbəy. Bəli, eşitmişəm! İndi ağlım başımda yoxdur, bibin gəlsin getsin, sonra mən vəkil taparam. Bu halda ayaq tappıltısı gəlir. Əziz bəy girir o biri otağa. Səkinə xanımın bibisi Zübeydə içəri daxil olur. Səkinəxanım. Səlam-əleyk, bibi! Zübeydə. Əleykəssəlam, Səkinə! Nə qayırırsan, əhvalın yaxşıdırmı? Səkinəxanım. Yaxşı deyil, bibi! Sənə mən nə zaman izn vermişəm ki, məni Ağa Həsənə verəsən? Mənim bu saatda nə atam var, nə anam, nə qardaşım; özüm öz vəkiliməm. Zübeydə. Utan, utan! Qız uşağına yaraşmaz ki, böyüyünün yanında belə danışa! Sənin nə vecinə? Sənə ər lazımdır, hər kəsə verirlər, ona gedərsən! Səkinəxanım. Xeyr, danışacağam! Dəxi mən ixtiyarımı əldən verən deyiləm. Məni heç kəsə vermək olmaz. Zübeydə. Bəs, balam, ərə getməyəcəksən? Səkinəxanım. Yox! Zübeydə (təbəssüm ilə). Çox sənin kimiləri “Yox” deyibdir, amma genə gedibdir. Səkinəxanım. Mən zarafat eləmirəm, bibi! Vallah, mən Ağa Həsənə gedən deyiləm! Bu niyyətlərdən düş! Zübeydə. Olmaz, əzizim, qardaşım qızı! Təbrizin mötəbər adamlarını bizə düşmən elərsən. Səkinəxanım. Cəhənnəmə düşmən olsunlar! Ağa Həsəndən mənim zəhləm gedir! Zübeydə. Niyə? Səkinəxanım. Nadürüst adamdır! Zübeydə. Nadürüst adamdır özgələrinə. Bizə görə yaxşıdır. Ticarətdə səriştəsi var, dövləti var. Pul qazanmaqda zirəkdir. Təbrizin tamam mötəbərləri ilə aşna, dost və qohumdur. Dəxi bundan artıq əri hardan tapacaqsan? Səkinəxanım. Ağa Həsən istir məni başdan ayağadək cavarhirə də tuta, mən ona gedən deyiləm. Get ona bildir ki, bu niyyətdən düşsün! Zübeydə. Bu heç vaxt olan iş deyil! Sən nə karəsən ki, mənim sözümdən çıxasan? Kişi Təbrizin mütəşəxxis adamlarının arvadlarını mənim yanıma göndərmişdi. Mən uşaq deyiləm. Mənim ağlım qəbul elədi ki, ona getmək sənin məsləhətindir. Ona söz verdim. İndi istirsən ki, mənim Təbriz arvadlarının içində bir pulluq edəsən? Axır mənim də özümə görə adım, abrım var! Səkinəxanım. Sənin adına və abrına zərər yetişməsin deyən, mən gərək ömrüm olduqca özümü qara günlü edim? Qəribə təklif edirsən mənə, bibi! Vallah, istər aləm tufana gedə, mən Ağa Həsənə gedən deyiləm! Mən deyirəm ki, sən ona bildir ki, bu niyyətdən düşsün! Yoxsa, vallah, özüm onu çağırdıb beş yüz söyüş üzünə qarşı deyərəm. Onu itdən biabır edərəm! Zübeydə (ikiəlli üzünı cırıb). Bıy, zamananız çevrilsin, ay qızlar! Üzlərində bir tikə həya və şərm qalmayıbdır. Səkinə, mən sənin kimi qızıl-qırmızı qız görməmişəm. Bizim də axır qızlıq zamanımız var idi; həyadan baş qaldırıb böyüyümüzün üzünə baxa bilməzdik. Sizin üzünüzün susuzluğundandırki, Təbrizdə vəba və taun əskik olmur! Səkinəxanım. Xeyr, vəba və taun haramzadə kişilərin nadürüstlüyündəndir. O nadürüst oğlu altmış min tümən adın eşidib, onun üçün məni istəməyə talib olubdur! Yoxsa o məni sevdiyindən ki, almaq istəmir. Əgər o məni alan idi, niyə qardaşım sağlığı heç bir ağız açmadı? Zübeydə. Qardaşın sağlığı bəlkə arvad almaq fikrində deyildi. Altmış min tümən nəqlin yaxşı yadıma saldın. Ağa Həsənə getməsən, bilirsənmi ki, altmış min tümən batar? Səkinəxanım. Niyə batır? Zübeydə. Ondan ötrü ki, o da gedər qardaşın arvadına kömək elər. Dostları və qohumları ilə onun işinə çalışar, sənin haqqını itirərlər. Səkinə xanım. Yaxşı imiş. Dəxi mən bilmirəm ki, bir mütə necə gəlib mənə irsdə şərik olacaq. Məgər ölkədə haqq və hesab yoxdur? Zübeydə. A balam, xalqın hiyləsindən nə baş açmaq olur? Hacı Rəhim arvadının Hacı Rəhimin dövlətində nə haqqı var idi ki, on iki min tümən pul, bir həmmam onun oğlu Ağa Rzadan alıb o arvada verdilər? Vəkili hiylə ilə bir hibənamə dürüst edib göstərdi ki, Hacı Rəhim sağlığında arvadına on iki min tümən, bir həmmam hibə edibdir. Beş-altı nəfər də bu xüsusda şəhadət elədi. Biçarə Ağa Rzadan çığırda-çıbırda o qədər pul aldılar, o arvada verdilər. Amma tamam Təbrizə məlum oldu ki, bu iş məhz hiylədir. Sən məgər Ağa Rzadan zorlusan ki, fəryadı heç bir yerə çatmadı? Təbrizin şeytan fikir vəkillərinin hiyləsindən heç baş çıxarmaq olurmu? Səkinəxanım. Mənim haqqım yerli-dibli batsa da, mən Ağa Həsənə gedən deyiləm! Get ona bildir ki, qız razı olmur! Zübeydə. Səkinə, nə danışırsan? Mən sənin fikrini bilirəm! Sənin qərəzin budur ki, gedəsən Əziz bəyə, o əhli-zələmədən törəyənə, tamam ölülərimizin ruhunu özünə qarğadasan. Bizim qanımızı əhlizələmə qanına qarışdırasan. Belə iş heç bizim ocağımızda görükübdürmü? Mömin və müttəqi tacirin qızı nədir, əhli-zələməyə getdi nədir?! Səkinəxanım. Hamı Allah bəndəsidir. Əziz bəyin dədəsi əhli-zələmə idi; Özü ki, hələ divan qulluğuna girməyibdir? Nə məlumdur ki, o da əhli-zələmə olacaq? Zübeydə. Nə təfavütü? Nütfəsi ki, əhli-zələmə nütfəsidir. Səkinəxanım. Sənə nə məlumdur ki, mən Əziz bəyə gedəcəyəm? Nə ona gedirəm nə başqasına; oturacağam evimdə. Sən dur get, mənim sifarişimi Ağa Həsənə yetir! Zübeydə. Sən qız uşağısan, ağlın başında yoxdur, öz xeyrini anlamırsan! Mən ona gedib deyən deyiləm ki, qız razı olmur. Səni vermişəm, gedəcəksən, artıq danışma! (Durur ayağa yola düşür). Səkinəxanım (suznaq). Vay, dədəm vay, bu nə danışır! Zübeydə qapıdan çıxır, uzaqlaşır. Əziz bəy o biri otaqdan içəri girir. Əzizbəy. İndi gördün mənim iztirabım yerində idi. Ya yox? Mən gedirəm. Səkinəxanım. Hara? Əzizbəy. Gedirəm o nadürüst oğlu Ağa Həsəni cəzasına yetirməyə, dəxi məndə tab yoxdur! Səkinəxanım. Nə söyləyirsən? Sən dayan, getmə, əlindən xəta çıxar. Mən özüm bu saatda o nadürüst oğlunu çağırıb deyəcəyəm ki, bu xəyaldan düşsün. Gülsəba! (Gülsəba hazır olur). Gülsəba, get Ağa Həsən tacirə xəlvət de ki, səni çox vacib işdən ötrü ünas tayfasından bir şəxs çağırır. Adımı nişan vermə. (Gülsəba gedir). Əziz bəy, vallah, sən hələ lap uşaqsan! Bir güzgüyə bax, gör gözlərin acıqdan qan çanağına dönübdür. Niyə belə kəmhövsələlik edirsən? Bu nadürüst oğlu ki, məni güc ilə alıb aparmayacaqdır! Əzizbəy. Hamı sözün doğrudur, amma çifayda ürək aram tutmur. Bu halda ayaq tappıltısı gəlir. Əziz bəy girir o birisi otağa. Səkinə xanım üzün bürüyür, oturur. Gülsəba və Ağa Həsən içəri girirlər. Ağa Həsən. Səlam-əleyk. Səkinəxanım (ahəstə). Əleyküməssəlam. Ağa Həsən qardaş, bilirsən ki, mən kiməm? Ağa Həsən. Xeyr, xanım, bilmirəm. Səkinə xanım. Ağa Həsən, mən Hacı Qafurun bacısı Səkinəyəm. Ağa Həsən (təəccüb ilə). Bəli, xanım, tanıdım. Fərmayişini buyur! Mən sənin bəndənəm, qulunam! Səkinəxanım. Xeyr, Ağa Həsən, sən mənim nə bəndəmsən, nə qulumsan! Sən axirət dünya mənim qardaşım ol. Məndən əl çək! Səni bundan ötrü çağırmışam. Sözüm sənə budur. Ağa Həsən (heyrətə düşüb). Xanım, niyə məni bəndəliyə qəbul etmirsən? Məndən nə xəta baş veribdir? Səkinəxanım. Heç bir xəta baş verməyibdir. Söz açıq gərək: sən məndən ötrü bibimin yanına elçi göndəribsən, o da əbəs yerə razı olub, söz veribdir. Amma, əzizim, mən deyirəm ki, sənə gedən deyiləm! Bu xəyaldan düş, bundan sonra bu sözləri ağzına alıb danışma. Ağa Həsən. Xanım, bir səbəbini bildirəydin ki, mən niyə sizin iltifatınıza və mərhəmətinizə layiq olmuram? Səkinəxanım. Səbəbi öz yanımdadır. Ancaq sözüm budur ki, məndən əl çək! Ağa Həsən. Xanım, nə təqsir məndən sadir olubdur ki, məni özündən uzaq edirsən? Səkinəxanım. Qardaş, heç bir təqsir sadir olmuyubdur. İndi mən özüm öz vəkiliməm. Mən sənə getmək istəmirəm! Mən səni sevmirəm! Könülə ki, güc yoxdur? Ağa Həsən. Xanım, bu söz sənə çox zərər gətirər, belə buyurma! Səkinəxanım. Bilirəm nə deyirsən, hər nə bilirsən elə, əlindən gələni əsirgəmə! Əsirgəsən, namərdsən! Ağa Həsən. Sonra peşman olarsan. Bir fikir elə ki, nə sözlər mənə buyurursan... Səkinəxanım. Fikir yeri deyil. Get bildiyin elə! Eləməsən, səndən əskik adam yoxdur. Ağa Həsən (darılıb). Yaxşı, sənə mən bir oyun tutum ki, tamam dastanlarda deyilsin, ölənədək dadı damağından getməsin! (Ayağa durur). Səkinəxanım. Get, get! Səndən qorxan səndən əskikdir! Əlindən gələni beş qaba çək! Ağa Həsən gedir. Səkinə xanım və Əziz bəy. Səkinəxanım. Di indi bir fikir elə, kimi vəkil edək? Bir düşmən də özümüzə artırdıq. Əzizbəy. Belə düşmənlərdən yüzü olsun. Yüz qarğaya bir sapan daşı! Bu saatda gedərəm, şahzadəyə bu əhvalatı müfəssələn bildirrəm. Özü bu işə tədbir eləsin. Səkinəxanım. Şahzadə ki, mürafiəyə mane olmaz; genə gərək bir vəkil ola. Əzizbəy. Şahzadə mürafiəyə mane olmaz, amma Ağa Həsən kimi nadürüstlərin hiyləsini və zərərini dəf edə bilər. Gərək bu işi şahzadəyə bildirəm. Mənim atam onun yanında çox qulluq edibdir. Mənim xatirimi istəyir və vədə edibdir ki, mənə xidmət rücu edib vəzifə qərardad eləsin və atamın tiyul kəndləri də mənə vagüzar etsin. Səkinəxanım. Səlah budur ki, əvvəl bir vəkil tutaq, sonra bu əhvalatı şahzadəyə məlum edəsən ki, o da haqqa kömək eləsin. Əzizbəy. Çox yaxşı. Vəkil kimi tutaq? Bu halda Gülsəba içəri girir. Gülsəba. Qapıda bir kişi durubdur; deyir ki, mən gərək Səkinə xanım ilə danışam. Bir kişi tayfası varmı ki, aralıqda vasitə ola, çox vacib əmr var. Səkinəxanım. Əcəb oldu. Əziz bəy də burdadır. Get çağır gəlsin, görək nə deyir. Gülsəba gedir. Əzizbəy. Hər gələn məni gərək sənin yanında görə? Səkinəxanım. Nə bilirlər ki, sən kimsən? Elə güman edərlər ki, sən mənim yaxın qohumumsan. Ağa Kərim içəri girir, Səkinə xanım çadirşəbə bürünür. Ağa Kərim. Səlam-əleyküm! Əzizbəy. Əleykəssəlam. Xoş gəlibsən. Buyur əyləş! Ağa Kərim bir tərəfdə oturub Əziz bəyə mütəvəcceh olur. Ağa Kərim. Məxdum, ismi-şərifinizi buyurun. Əzizbəy. Mənim adım Əziz bəydir. Ağa Kərim. Mübarək addır. Əziz bəy, mən sizinlə göftgu edim, Səkinə xanım da eşitsin. Əzizbəy. Buyur, Səkinə xanımın özü ilə də göftku edə bilərsən. Onu özgə qızlar ayağına aparma. Yeri gələndə o özü də danışmaqdan çəkinən və qısqanan deyil. Ağa Kərim. Vallah, çox yaxşı eləyir. Əziz bəy, məlum ola ki, mənə Ağa Kərim dəllalbaşı deyərlər. Mən mərhum Hacı Qafur ilə çox dost idim. İndi bu saatda bir işdən ötrü Ağa Mərdan halvaçı oğlunun yanında idim. Birdən tacir Ağa Həsən içəri girdi, səlam verib dedii ki, Ağa Mərdan, eşitmişəm Hacı Qafurun arvadı Zeynəbin vəkilisən. Mənim bu işdə sənə çox köməyim dəyəcək. İstirəm səninlə xəlvət danışam. Mən gördüm ki, olar danışacaqlar, çölə çıxdım və bildim ki, oların tədbiri Səkinə xanımın ədavəti üçündür. Çün Hacı Qafur ilə duz-çörək yemişdim, o xatirə gəldim ki, bu işdən Səkinə xanımı xəbərdar edim. Səkinəxanım. Çox-çox razıyam. Ağa Kərim ki, aşnalığı unutmuyub, öz dostunun bacısını belə vaxtlarda yad edirsən! Ağa Kərim. Əlbəttə, xanım, dostluq belə vaxtlarda lazımdır. Çünki Ağa Mərdan yerin-göyün haramzadasıdır. Mən özümə vacib bildim ki, piş əz vəqt sizi onun hiyləgarlığından xəbərdar edim. Yoxsa iş işdən keçər, sonra çarə tapılmaz. Səkinəxanım. Ağa Mərdan mənə nə eyləyəcək, Ağa Kərim? Ağa Kərim. Nə eyləyəcək? Axır eşitdim ki, qardaşın arvadına vəkil olubdur, onun tərəfindən mürafiəyə duracaq. Belə işlərdə o, çox mahirdir. Onunla bacarmaq çox müşküldür. Səkinəxanım. Mürafiəyə durub nə eləyəcək? Qardaşımın övladı yoxdur ki, puluna varis ola; arvadı da ki, ona varis ola bilməz; çünki mütədir, belə işdə Ağa Mərdan və ya başqa düşmən mənə nə zərər yetirə biləcək? Ağa Kərim. Xanım, sizin təcrübəniz belə işlərdə azdır. Ağa Mərdan hər nə istəsə, ona yol tapar; onun müqabilində gərək qəflət eləməmək. Səkinəxanım. Necə edək ki, qəflət olmasın? Ağa Kərim. Məsələn, vəkillərinizi mənə tanıdın ki, kimdir. Mən onu Ağa Mərdanın bir para hiyləsindən başa sallam. İşdə huşyar olar, qəflət eləməz. Səkinəxanım. Bizim hələ heç vəkilimiz məlum deyil. Ağa Kərim. Necə məlum deyil? Bəs bu işdə vəkil tutmuyubsunuz? Səkinəxanım. Xeyr, bilmirik kimi vəkil tutaq. Elə özümüz də bu fikirdəyik. Əzizbəy. Doğrudan, Ağa Kərim, heç bir adam bilirsənmi ki, bizə tanıdasan, onu bu işdə vəkil tutaq? Ağa Kərim. Xeyr, xatirimə bir belə adam gəlmir ki, Ağa Mərdana hərif ola. Bəs mən elə bilirdim ki, sizin vəkiliniz hazırdır. Əzizbəy. Xeyr, hazır deyil, axtarırdıq ki, bir kamil adam tapaq vəkil edək. Bir fikir elə gör xatirinə bir adam düşürmü? Ağa Kərim. Vallah, heç bir kamil adam fikrimə gəlmir. Adam çoxdur, amma Ağa Mərdana hərif ola bilməz. Ba! Bir adam fikrimə düşdü, əgər razı ola; çünki vəkil olmaqdan neçə zamandır əl çəkibdir. Ancaq məgər Ağa Mərdana o hərif ola bilər. Səkinəxanım. O kimdir? Ağa Kərim. Ağa Səlman ələkçi oğlu. Əgər razı olsa, onu vəkil edin. Səkinəxanım. Onunla kim görüşsün, danışsın? Ağa Kərim. Başqa adam lazım deyil, xanım. Onu çağırdın bura, özünüz danışın. Olur ki, sizin nəfəsinizin təsirindən razı ola. Ünas tayfasının nəfəsində başqa təsir olur. Səkinəxanım. Bəs olmazmı onu bura göndərəsən, Ağa Kərim? Ağa Kərim. Xeyr, xanım, ayrı adam göndər. Mən bir çüzi işdən ötrü onunla küsülüyəm. Səkinəxanım. Bəs ona sən necə bir para zad təlim edərsən? Ağa Kərim. Özgə vəkil olsaydı, mənim təlimim lazım idi. Amma Ağa Səlmana mənim təlimim lazım deyil. O özü şeytana papuş tikər. Mən əgərçi ondan narazıyam, amma hünərini danmaq olmaz. Təki sizin işiniz əmələ gəlsin. Əzizbəy. Mənim özüm bu saatda gedərəm, onu çağırram. Səkinəxanım. Çox yaxşı, bəs get. Əziz bəy və Ağa Kərim ayağa durub getmək istirlər. Ağa Kərim. Xudahafiz, xanım! Səkinəxanım. Xoş gəldin, Ağa Kərim. Mən sənin bu yaxşılığını heç vaxt unutmayacağam! Əziz bəy və Ağa Kərim gedirlər. Səkinə xanım. Gülsəba, yerə bir döşək sal, dalısına bir püştü qoy! Gülsəba tez döşəyi salır, püştünü qoyur. Bu halda ayaq tappıltısı gəlir. Əziz bəy və Ağa Səlman içəri girirlər. Yuxarıda Səkinə xanım oturub, Gülsəba böyründə ayaq üstə durubdur. Ağa Səlman. Səlam-əleyk! Səkinəxanım. Əleykəssəlam. Ağa Səlman, xoş gəldin, səfa gətirdin, buyur əyləş! İşarə edir, döşək üstə Ağa Səlman oturur, ondan aşağıda Əziz bəy əyləşir. Səkinəxanım (nazik səs ilə). Ağa Səlman, mən Hacı Qafurun bacısıyam. Ümidim budur ki, məni qızlığa qəbul edib, mənim bu dar günümdə köməyini məndən əsirgəməyəsən. Ağa Səlman. Xanım, buyur görüm mətləbin nədir. Səkinəxanım. Ağa Səlman, özünüzə məlumdur ki, altı-yeddi ay bundan irəli Təbrizə vəba düşmək səbəbilə tamam xalq qaçıb dağılmışdı. Qardaşım Hacı Qafur bir təvəkküllü adam idi. Dedi ki, mən heç tərəfə gedən deyiləm. Amma bərai-ehtiyat tamam pulunu ki, altmış min tümən idi, sandıqlar içində aparıb şahid və sübut ilə hakimi-şərə tapşırdı ki, əgər əhyana mən ölsəm, bu pulu sonra mənim hər kəs şəri varisim qalsa, ona rədd elə. Hakimi-şər haman məbləği götürüb, sair xalq kimi, o da şəhərdən çıxıb başqa yerə getdi. Bizim qonşularımız da tamam uzaqlaşdılar. Bizim evdə qaldı bir qardaşım, bir onun mütəsi və bir də mən. İttifaqən qardaşım naxoş oldu, bir kimsə yox idi, məgər şəhərdə difan tərəfindən bir dəstə sərbaz qoymuşdular ki, hər evi yoxlasınlar, ölənləri qəbiristana nəql etsinlər. O gün sərbazlardan dördü bizim evə gəldi. Qardaşım onlara dedi ki, mən ölürəm, mənim bir bacımdan başqa dünyada bir varisim qalmır. Mən öləndən sonra, məni qəbiristana nəql edin. Qardaşım allahın rəhmətinə getdi. İndi qardaşımın arvadı ki, mütədir və ona heç irs yetişməz, istiyir ki, mənim qardaşıma varis ola, mənim ilə mürafiəyə dura. Ağa mərdan halvaçı oğlu ona vəkil olubdur. Təvəqqe edirəm ki, zəhmət qəbul edib bu işdə sən də mənə vəkil olasan. Ağa Səlman. Səkinə xanım, mən vəkil olmaqdan əl çəkmişəm. Dəxi bir kimsənəyə vəkil olmuram. Səkinəxanım. Ağa Səlman, bu iş çox tez qurtarası işdir. Az müddətdə mürafiəsi tamam olur. Əgər qardaşımın dilindən şahid lazım olsa, o sərbazları şahid göstərə bilərsən. Təvəqqe edirəm ki, mənim xatirim üçün bu işi boynundan tullamayasan. Ağa Səlman. O sərbazların adı və məkanı sizə məlumdurmu? Səkinəxanım. Bəli, Əziz bəy kağızda oların adlarını və yerlərini yazıb sənə təslim edər. Ağa Səlman. İndi ki təvəqqe edirsən, qəbul edərəm. Ümidim budur ki, uzun iş olmasın. Yoxsa mənə çox məəttəl olmaq mümkün deyil. Səkinəxanım. Xeyr, inşallah bir gündə qurtaracaqdır. Ağa Səlman, həmin bu bir gün zəhmətin üçün sənə beş yüz tümən həqqülnəfəs vədə edirəm. Ağa Səlman. Onsuz da olar. Xanım, mən məhz sənin xatirin üçün bu işə iqdam edirəm. Tamah ucundan deyil. Səkinəxanım. Bilirəm, Ağa Səlman, bu məbləği mən ancaq sənin uşaqlarına cib xərci verirəm. Ağa Səlman. Xanım, indi məni mürəxxəs buyur, gedim sərbazları görüm. Əhvalat xəbər alım ki, mürəfiə vaxtında şəhadətlərini əda etsinlər və siz də mənim adıma vəkalətnamə yazdırıb göndərin. Səkinəxanım. Çox yaxşı, hazır edib göndərrəm. Amma, Ağa Səlman, deyirlər ki, Ağa Mərdan çox mühil adamdır. Onun hiyləsindən qafil olmayasan. Ağa Səlman. Xatircəm ol, onun hiyləsi mənə kar eləməz. Əziz bəy, o sərbazların adlarını və yerlərini, yaz, mənə göndər. Əzizbəy. Çox yaxşı, bir saatdan sonra yetişər. Ağa Səlman durub gedir. Əziz bəy və Səkinə xanım. Əzizbəy. Mən də durub gedim, əhvalatı şahzadəyə bildirim. Səkinəxanım. Otur, sərbazların adların, yerlərin kağıza yaz, Ağa Səlmana göndər, sonra get. Əziz bəy oturur yazmağa. Pərdə salınır * * * İkimci məclis İkimci məclis vaqe olur Ağa Mərdan halvaçı oğlunun evində. Ağa Mərdan (yalqız). Görəsən Ağa Kərim niyə gec gəldi? Bəlkə Ağa Səlmanın vəkillik işi onu əyliyibdir? Əgər bu iş mən deyən kimi baş tutsa, Təbrizdə mənim şöhrətim ərşi-fələkə çıxacaq! Külli pula çatdığımdan başqa, yəni vaqiən bu vəkillik bir tükənməz xəzinədir, yollarını bilənə. Əlhəmdüllah ki, mənim bu xüsusda qüsurum yoxdur. Bu halda qapı açıldır. Ağa Kərim içəri girir. Ağa Kərim (bəşaşət ilə). Səlam-əleyk! İşləri bitirdim, muştuluğumu ver! Ağa Mərdan (təbəssüm ilə). Yəqin? Ağa Kərim. Sənin canın üçün, bir növ ilə səni Hacı Qafurun arvadının yanında nəzərə verdim ki, əgər özün də orda olsaydın, öz haqqında müştəbeh olardın. Dedim ki, bu saatda hakimi-şər yanıda Ağa Mərdandan mötəbər kimsənə yoxdur. Onun bir sözü iki olmaz. Dərxanədə də ancaq o mərufdur. Hətta şahzadə hüzuruna da həmişə bir para işlər üçün gediş-gəlişi var. İş bilməkdə də Əflatuni-əsrdir. Gərək o hər necə desə, onun sözündən çıxmayasan və heç vahimə və ehtiyat etmiyəsən ki, ancaq onun tədbiri ilə sən Hacı Qafurun dövlətinə malik ola bilərsən. Yoxsa sənin bu irsə heç haqqın yoxdur. Arvad özü də və qardaşı Ağa Abbas da razı oldular. İndi bu saatda gələcəklər sənin yanına ki, hər nə desək, ona əməl etsinlər. Ağa Mərdan. Çox yaxşı, Ağa Səlmanı da o tərəfə vəkil etdirə bildinmi? Ağa Kərim. Bəli, bu saatda Ağa Səlman Səkinə xanımın yanındadır. Ordan qurtarıb bura gələcək. Ağa Mərdan. Mərhəba, Ağa Kərim, vallah sənin dilində cadu əsəri var. Xub, hələ bir de görüm Hacı Qafurun arvadı göyçəkdirmi! Ağa Kərim. Nə eyliyəcəksən? Ağa Mərdan. Nə eyliyəcəyəm, gəlsə allam. Mənə gəlməzmi? Ağa Kərim. Nə bilim, gələrmi? Sənin bir az vaxtın keçibdir. Arvad cahıldır. Ağa Mərdan. Xeyr, Ağa Kərim, sən öləsən, mənim çəndən vaxtım keçməyibdir. Mən indi düz əlli bir yaşındayam. Ağa Kərim. Belə bilirəm, yetmişdə də olarsan. Ağa Mərdan. Xeyr, sənin canın üçün, bilirsənmi mən havaxt anadan olmuşam? Təbrizin böyük zəlzələsindən bir il sonra. Ağa Kərim. Sənin ki arvadın var. Ağa Mərdan. Mən ki arvadsızlıqdan istəmirəm onu alam. Deyirəm ki, Allah qoysa əgər bu dövləti o arvadın adına Hacı Qafurun bacısının əlindən çıxarsaq, dəxi arvad niyə özgəsinə getsin? Arvadı da mən allam, dövləti də mənim əlimdə olsun. Elə sənin səlahın da budur, özgəsindən sənə nə xeyir olacaq? Ağa Kərim. Əlbəttə, bu surətdə göyçək oldu, ya olmadı, nə təfavütü, qoy olsun ifritə, gəlsə algilən. Amma yaman deyil, ağlım kəsmir ki, səni bəyənə. Ağa Mərdan. Yəni mən necəyəm? Ağa Kərim. Özün bilmirsən, sir-sifətin çəndan məqbul deyil. Ağa Mərdan. A kişi, mən sənin gözündə necə görükürəm? Qoy bir aynaya baxım. (Bədənnüma aynaya baxır). Ağa Kərim, sən allah, mənim haramda sən eyib görürsən? Əgər dişlərimin tökülməyin deyirsən, nüzüldən tökülübdür, qocalıqdan deyil. Ovurdlarım bir az çuxura düşübdür, amma çəndan da məlum olmur, saqqal üstünü örtübdür. Ağa Kərim. Di yaxşı, bəsdir, otur aşağı, indi arvad gələr. Ağa Mərdan. Səbr elə, bir tirmə küləcəmi geyim, mahud cübbəmə bürünüm, saqqalımı darıyım. (Başlayır dediklərini eləməyə). Ağa Kərim. A kişi, niyə lazımdır bu zadlar, otur aşağı. Ağa Mərdan. Xeyr, çox lazımdır! Bizim arvadlarımız həmişə üzlərini kişilərdən gizlərlər. Amma özləri kişilərə baxmağa biixtiyardılar. Məni Hacı Qafurun arvadı yaraşıqlı görsə, əlbəttə, artıcaq sayar. Sözümün artıcaq təsiri olar. Bəlkə xoşuna da gəlim. Ağa Mərdan libasını geyib, saqqalını darayıb oturur. Bu halda qapı açılır. Hacı Qafurun arvadı Zeynəb və qardaşı Ağa Abbas içəri girirlər. Ağa Abbas. Səlam-əleyküm! Ağa Mərdan. Əleyküm-səlam, xoş gəldiniz, səfa gətirdiniz! Buyurun, əyləşin. Hacı Qafurun arvadı üzün bürümüş və qardaşı otururlar. Ağa Mərdan. Ağa Abbas, mən səninlə danışım, Zeynəb xanım da qulaq assın, yeri gələndə cavab versin. Hacı Qafur ölən indi altı aydır. Söz gərək bizim aramızda aşkar ola. Hamı bilir ki, Zeynəb xanım Hacı Qafurun daimi mənkuhəsi deyil, onun dövlətindən irs hesabında hərgiz hissəsi yoxdur. Amma mən bu keyfiyyəti bilib Ağa Kərimi sizin yanınıza göndərdim və məlum elədim ki, əgər siz mənim sözümdən çıxmasanız və mənim tədbirimə əməl eləsəniz, mən belə elərəm ki, bu dövlət Zeynəb xanıma çatar. Çünki Hacı Qafurun bacısının bir köməyi və əlindən iş gələn əqrəbası yoxdur. Ancaq o qızın bir cavan namizədi var, o da mürafiə işində mənə hərif ola bilməz və siz də mənim rəyimə razı olub hakimi-şər yanına adam göndərib bildiribsiniz ki, Hacı Qafur tapşırdığı pulu onun bacısına verməsin ki, onunla iddianız var. Hakimi-şər pulu saxlayıb, sizə və Hacı Qafurun bacısına bildirib ki, vəkil tutub, mürafiəyə əyləşib, davanızı teyy edəsiniz. İndi mən özüm sizin vəkilinizəm. Amma Zeynəb xanım gərək mənim hər sözümə, hər tədbirimə əməl etsin ki, bu iş əncam tapa. Ağa Abbas. Əlbəttə, onsuz ki, olmaz. Buyurun görək Zeynəb xanıma təklifin nədir? Ağa Mərdan. Əvvələn, Zeynəb xanım gərək bu saatda bir para məxaric üçün beş yüz tümən mənə pul verə ki, axırda da hesaba daxil elərik. Özü Ağa Kərimə bildiribdir ki, Hacı Qafurun öləndən sonra sandıqda min tümən var idi və bacısı da bilmirdi, onu götürübdür. Zeynəbxanım. Müzayiqə yoxdur, başqa təkliflərini bildir. Ağa Mərdan. ikinci təklif budur ki, gərək Hacı Qafurun dövlətinin yarısına qane olasan, yəni o dövlətdən ki, altmış min tüməndir, otuz min tümən sənin olsun və qalan yarısı otuz min tümən mənim və Ağa Kərimin və başqa yoldaş və köməkçimizin olsun. Zeynəbxanım. Vay aman, nə çox istirsən, Ağa Mərdan! Ağa Mərdan. Hərgiz çox deyil, xanım! Bu irsə sənin heç haqqın yoxdur. Bu otuz min tümən də mən ancaq sənə bağışlayıram. Zeynəbxanım. Necə haqqım yoxdur? Mən illər ilə zəhmət çəkib Hacı Qafurun evində oturmuşam. Tamam pul sandıqlarının haçarı mənim əlimdə olurdu. Hacı Qafurun sağlığında onun bacısının beş abbası ixtiyarı çatmazdı, amma mən hər nə qədər istəsəydim xərc edərdim. İndi necə oldu ki, mən gərək qıraqda qalam, pulları bu dilaram çəngi götürə, gedə bir qızıl-qırmızı oğlana, yeyə, içə, kef edə? Ağa Mərdan. Mürafiədə bu sözlərə qulaq asmazlar. Zeynəbxanım. Necə qulaq asmazlar? Mürafiə edənin məgər insafı yoxdur? On ildən artıq bu dövlət mənim əlimdə idi. İndi gərək mən ondan binəsib olam? Ağa Mərdan. Bəli, indi gərək ondan binəsib olasan. Sözümə qulaq as, yarısına qane ol! Yoxsa o dövlətin bir fülusuna da haqqın yoxdur. Ağa Abbas mətləbi başa düşər ki, mən dediyim söz haqdır. Ağa Abbas. Yaxşı, razıyıq. Başqa təklifin nədir? Ağa Mərdan. Üçümcü təklifim budur ki, Zeynəb xanım gərək məclisi-mürafiədə hazır olub otura və hakimi-şər hüzurunda iqrar edə ki, Hacı Qafurdan bir yeddi aylıq bir oğlu var. Zeynəbxanım. Vay, dədəm vay! Ağa Mərdan, bu çox çətin təklifdir. Mən yalandan necə deyim ki, mənim yeddi aylıq oğlum var? Ağa Mərdan. Heç çətin deyil. Hacı Qafurun sağlığında sən hamilə idin. Öləndən bir ay irəli bir oğlan doğubsən; indi yeddi aylıqdır. Bunu deməyə nə var? Zeynəbxanım. Ağa Mərdan, mən səni özümə ata bilirəm. Sənin heç sözündən çıxmağı bacarmanam. Amma bu təklif çox müşküldür. Mən uşaq doğmamışam. Deməzlərmi bəs uşağın hanı? Ağa Mərdan. Bu xüsusda qəm çəkmə! Uşaq hazırdır və sən hamilə idin, onu doğubsan. Uşağı sənin və Hacı Qafurun qucağında görənlər də var. Sən bu cəhətdən ehtiyat eləmə. Sən ancaq iqrar edərsən, özgələri təsdiq edər. Zeynəbxanım. Allahı sevirsən, Ağa Mərdan, bir ayrı təklif elə! Mən necə bu yalanı iqrar edim? Vallah, mənim üzümdən gəlməz ki, bu sözü deyəm. Ağa Mərdan. Qəribə söz danışırsan! Heç bilmirəm niyə üzündən gəlmir bu sözü deyəsən? Heç bilmirəm nədən utanırsan? Xub, aləm bilir ki, doğmaq arvad tayfasının peşəsidir. Utanmaq nədir? Balıq istəyən gərək canın soyuq sudan qorumaya. Gərək bu iqrarı edəsən, başqa çarə yoxdur. Zeynəbxanım. Bu iqrardan qərəzin nədir, Ağa Mərdan? Ağa Mərdan. Qərəzim odur ki, Hacı Qafurun dövləti sənə yetişsin. Bu mətləbin əncamına bundan başqa əlac tapılmaz, ondan ötrü ki, sən onun varisi ola bilməzsən. Amma sənin oğlun onun şəri varisidir. Oğlan vücudunu sübuta yetirəndən sonra, tamam dövlət ona yetişər. O vaxt da mən çox asanlıqla özümü ona qəyyum edərəm. Sonra ki, bir beş-altı ay keçər, söhbət sallıq ki, sənin uşağın vəfat etdi. O sürətdə tamam dövlət şərən sənə müntəqil olar. Yarısını sən götürərsən və yarısını mən. Zeynəbxanım. A başına dönüm, belə yalan işi yetirmək olarmı? Ağa Mərdan. Yeritmək olmazdı, əgər Hacı Qafurun bacısının köməyi olsaydı. İndi onun kimsənəsi yoxdur ki, bizim qabağımızda söz danışa. Əgər Ağa Həsən tacirə getsəydi, genə bu iş çətin idi. İndi Ağa Həsən də və onun güclü əqrabası da o qıza düşmən olublar. Hamısı istir ki, bu dövlət ona çatmasın. Qız qalıb yalqız, ancaq bir cavan namizədilə ki, əlindən heç bir iş gəlməz. Zeynəbxanım. Bəs o dediyin uşaq hardadır? Ağa Mərdan. Bu saatda görərsən. Ağa Kərim, uşağı o biri otaqda dayədən al gətir. Ağa Kərim gedir. Zeynəbxanım. Uşağı dayə əmizir? Ağa Mərdan. Xeyr, anası əmizir. Amma sənin dayəndir dəxi. Ağa Kərim uşaq əlində qayıdır. Ağa Mərdan uşağı alır, verir Zeynəb xanıma. Ağa Mərdan. Al, budur sənin oğlun! Görürsənmi, gözü, qaşı lap Hacı Qafurun gözü, qaşıdır. Zeynəbxanım. Vallah deyəsən ki, elə oxşuyur; amma qorxuram mürafiyə vaxtında dilim tutula, deyə bilməyəm. Ağa Mərdan. Zeynab xanım, səbəbi odur ki, özün inanmırsan ki, bunu sən doğubsan. Əvvələn,özün gərək inanasan ki, bu sənin oğlundur. Yoxsa, əlbəttə, mürafiyə məclisində karıxarsan, dilin tutular. Vahimə eləmə, söz ver ki, belə iqrar edəsən. Zeynəbxanım. Bəli, söz verirəm, əgər bacarsam. Ağa Mərdan. İnşallah bacararsan. Bəs o yaxşıdır ki, baldızın tamam dövləti aparıb bir bığı burma oğlana yedirə? Zeynəbxanım. Doğru deyirsən. Səkinə xanımın vəkili yalanımı çıxarmıya. Ağa Mərdan. Xa-xa-xa!.. Gör kimdən qoxur! Ehtiyat eləmə! O, heç bir kəlmə də sənin xilafına söz danışmayacaq. Durun gedin, vəkalətnaməni yazdırın, hazır edin. Sabah gərək mürafiyə başlanıb tamam ola. Mənim də indi başqa işlərim var, yanıma adamlar gələcək və Ağa Kərimi də aparın, onunla beş yüz tümən pul göndərin. Ağa Abbas. Pulları gətirmişik, Ağa Kərim bildirmişdi. Ağa Mərdan. Di qoyun, gedin. Ağa Abbas pulları kisədə Ağa Mərdanın qabağına qoyur. Bacısı ilə ayağa durub getmək istəyir. Bu halda şahzadənin fərraşı Nəsir daxil olur. Nəsirfərraş. Səlam-əleyküm, Ağa Mərdan! Şahzadə buyurdu ki, bu axşam bir mənim hüzuruma gəlsin ki, bir vacib işim var, ona rücu edəcəyəm. Ağa Mərdan. Ərz elə ki, baş üstə! Əsəd (nökəri-hakimi-şər). Salam-əleyküm, Ağa Mərdan! Ağa buyurur ki, bu gecə Hacı Səminin evində bizim ilə qonaqlığa gedəcəkdirmi? Vacibi iş var. Gərək onunla orada danışam. Ağa Mərdan. Ərz elə ki, gedəcəyəm. Ağa Abbas bacısı ilə gedir, Ağa Kərim. Ağa Kərim. Bu şahzadə fərraşı və hakimi-şər nökəri haradan tapıldılar? Ağa Mərdan. Mən bilirdim ki, arvad mənim təklifimdən vahimə edəcək. Buların hərəsinə iki sahib-qiran verib, piş əz vaxt hazır eləmişdim ki, gəlib arvadın yanında bu sifarişləri mənə etsinlər. Arvad bilsin ki, mən şahzadə və hakimi-şər yanında müqərrəbəm. Bir az ürəkli olsun, yoxsa mürafiyə vaxtında qorxuram iqrara qadir olmaya, rüsvay olaq. Ağa Kərim. Vallah, yaxşı fikirdir. Amma xeyr, biz mürafiə vaxtında mülahizə elərik, əgər müyəssər ola, arvadın iqrarını şahidlərdən sonraya sallıq, o vaxt vahimə eləməz. Ağa Mərdan. Di dur get Hacı Rəcəbəliyə de ki, şahidləri gətirsin, gəlsin. Beş yüz tümən onun özünə vədə elə. Əlli tümən nəğd, qalanı nisyə. Şahidlərin hər birisinə de otuz tümən, on beşi nəğd, on beşi nisyə ki, iş tamam olandan sonra verilər. Hacı Rəcəbəli əldə olmasa bu işi aşırmaq olmaz. Yoxsa işin üstünü açar; çox şeytandır. Ondan iş gizlətmək mümkün deyil. Ağa Kərim. Çox yaxşı, gedim. (Ayağa durur). Ağa Mərdan. Ey, sən allah, bir söz deyirəm: Hacı Qafurun arvadını görəndə öz yanından bir tövr ilə işarə elə ki, danışıq arasında mənə ata xitab etməsin; sən öləsən, ürəyinə ayrı fikir gəlməsin! Elə xoşuma gəlməz ki, arvad tayifəsi mənə xoşaməd üçün ata ləqəbi verə. Nə lazım olubdur? Adımı desin. Ağa Kərim. Yaxşı, yaxşı, bilirəm mətləbin nədir! Xatircəm ol, dəxi sənə ata deməz. Gedir, sonra Ağa Salman daxil olur. Ağa Səlman. Salam-əleyk! Ağa Mərdan. Əleykəssəlam, necə oldu? Ağa Səlman. Vəkil oldum. İndi fikrin nədir? Ağa Mərdan. İndi fikrim budur ki, şahidlər hazır edib, mürafiəyə iqdam edək. De görüm, sənə nə vədə elədilər? Ağa Səlman. Mən dedilər ki, beş yüz tümən sənə həqqülnəfəs verrik, çünki bizim şahidlərimiz hazırdır və iş vazehdir. Mən də razı oldum. Ağa Mərdan. Çox yaxşı elədin. İndi görürsən ki, haqq tərəfindən çəndan xeyir yoxdur. Amma Hacı Qafurun arvadı otuz min tüməndən keçir. Bu otuz min tümən sənə, mənə və Ağa Kərimə yetişəcəkdir. Şahidlərin adlarını, yerlərini öyrəndinmi? Ağa Səlman. Öyrənmişəm. Dörd nəfər sərbazdır; Bədəl, Qəhrəman, Qəffar və Cabbar. Vərci küçəsində olurlar. Ağa Mərdan. Gərək mən oları bura gətirdib tovlayam ki, xilaf şəhadət etsinlər. Sən gərək gedib olara tapşırasan ki, sədaqət ilə öz şəhadətlərini eləsinlər. Çün sərbaz taifəsi biçizlikdən bir növ firqeyisuala daxildir. Olar haman saat soruşacaqlar ki, ağa, sonra bizə nə şəfəqqət edəcəksən? Onda sən de ki, uşaqlarım, belə işlərdə müzd istəmək yaxşı deyil. Allah rizasına gərək şəhadət edəsiniz. Qiyamət günü sizə əcri-xeyir yetişər. Ağa Səlman. Çox yaxşı! Ağa Mərdan. Heç bilirsənmi sərbazların adəti nə qərar üzrədir? Ağa Səlman. Bilirəm. Olar deyəcəklər ki, biz Hacı Qafurun evinə yetişdik. İki saat vəfatından irəli. Bizə dedi ki, mən ölürəm, mənim dünyada bir kimsəm yoxdur, məgər bir bacım. Mən öləndən sonra məni dəfn edin. Ağa Mərdan. Çox yaxşı, gərək sərbazlar bu sözü dəyişib deyələr ki, bir aylıq oğlu var idi. İndi dur get! Ağa Səlman durub gedir. Ağa Mərdan (yalqız). İnşallah iş yaxşı gəlir. İndi Ağa Kərim, şahidləri gətirən vaxtdır. Qapı açılır. Ağa Kərim, Hacı Rəcəbəli, daruğə və yanında dörd nəfər adam daxil olurlar. Hacı Rəcəbəli. Səlam-əleyk! Ağa Mərdan. Əleykəssəlam, Hacı, tapdınızmı? Hacı Rəcəbəli. Tapdınızmı?! Guya itirmişdik tapaq? Qəribə sual edirsən, Ağa Mərdan. Bəs məlum ki, məni hələ dürüst tanımırsan. Ağa Mərdan (Ağa Kərimə kənarda). Ağa Kərim, sən dur get, Ağa Səlman ilə görüş. O nişan verən sərbazları mənim yanıma gətir. (Sonra Hacı Rəcəbəliyə mütəvəcceh olub). Hacı, mənə nişan ver, görüm ki, bular kimdirlər? Hacı Rəcəbəli. Bu Hepo qumarbazdır ki, dünən Ərdəbildən gəlibdir. Bu qəzvinli Şeydadır ki, gündüz sərraflıq elər, gecə əyyarlıq. Bu da Qurbanəli həmədanlıdır ki, gecə hər iş əlindən gələr, amma gündüzlər bazarda corab satar. Bu da marağalı Hənifədir ki, gündüz qoltuqfüruşluq edər, gecələr mənim yanımda olur. Ağa Mərdan. Əlhəmdüllah, hamısı yaxşı adamlar imiş, amma Heponun sənəti bir az töhmətlidir. Olar ki, ona gümani-bəd gedə. Hacı Rəcəbəli. Qorxma, Hepo bir nadürüstdür ki, hər sifətə və hər dona girə bilər. İstirsən bir-iki saatdan sonra bir mütəşəxxis tacir sifətinə girib yanına gəlsin ki, sən özün də onun haqqında müştəbeh olasan. Məgər bilmirsən ki, bu kimin nütfəsindən əmələ gəlib? Bu, dabanıkəsik Heydərqulunun oğludur ki, gündüz Əhərdə görünüb, gecə iki günlük yol piyada gəlib. Təbrizdə mərhum qaim-məqamın evindən bir cəvahir mücrüsünü aparıb, genə elə o gecə Əhərə qayıdıb; Sübh çağı karvansarada dalanında yatmış imiş. Aləm tamam heyran qalmışdı onun bu əməlinə. Məhz onun bu hünərinə görə iş açılandan sonra onu öldürməyib ancaq dabanlarını kəsdilər. Ağa Mərdan. A, dabnıkəsik Heydərqulunun oğlu imiş! Çox yaxşı, amma adını dəyişərik. Bular məsaili-şəriyyətlərinə arifdirlərmi? Hacı Rəcəbəli. Xatircəm ol! Tamam əhli-savaddırlar. Sən öləsən, hamısı şeytana papuş tikərlər. Nə günə qalıblar, dördü də hər gün məsciddə camaat namazı qılır. Ağa Mərdan. Çox yaxşı, indi bilirlərmi ki, gərək nə günə şəhadət etsinlər. Hacı Rəcəbəli. Xeyr, gərək onu sən özün təlim edəsən. Ağa Mərdan. Bəli, gərək desinlər ki, Hacı Qafurun vəfatından bir həftə irəli biz dördümüz də axşam çağı əhli-qübur ziyarətinə gedirdik. Hacı Qafurun qapısından ötəndə gördük durubdur, qucağında bir qundaq. Səlam verib soruşduq ki, Hacı, bu uşaq kimindir? Dedi ki, mənimdir, üç həftədir ki, təvəllüd tapıbdır. Bundan başqa dəxi övladım yoxdur. Hacı Rəcəbəli (şahidlərə üzün tutub). Ay uşaqlar, eşitdinizmi? Həpo. Bəli, eşitdik! Ağa Mərdan. Bu tövr deyə biləcəksinizmi? Hənifə. Əlbəttə, nə çətin sözdür ki, demək müşkül ola! Ağa Mərdan. Çox razıyam, oğullarım, Allah sizdən razı olsun! Şeyda. Ağa Mərdan, belə işdən Allah məgər razı olar? Ağa Mərdan. Niyə razı olmur, əzizim! Əgər əsl işdən xəbərdar olasan, deyərsən ki, razı olar. Biçarə Hacı Qafurun arvadı on il ev və dövlət sahibi olubdur. İndi rəvadırmı evdən, dövlətdən məhrum olsun və bu dövləti bir qızmış qız götürüb bir cövməri əhli-zələmə oğlana yedirsin? Bu səbəbə ki, onu qucacaqdır? Əhli-zələmə bizim üləmamızın qövlünə görə dərgahi-ilahidən mərduddurlar. Şeyda. Bəli, doğru deyirsən. Hacı Rəcəbəli. Ağa Mərdan uşaqların icrətini məlum elə. Ağa Mərdan. Məgər Ağa Kərim eyləməyibdir? Hər birisinə otuz tümən və sənə də məlumdur nə yetişəcəkdir. Hacı Rəcəbəli. Ağa Mərdan, uşaqların icarəsinin yarısı gərək bişəki, yetişə. Ağa Mərdan. Əlbəttə, siz gedin; iki saatdan sonra Ağa Kərim sizə əlli tümən və uşaqların da icrətlərinin yarısını qulluğunuza gətirər. Hacı Rəcəbəli. Çox yaxşı, xudahafiz. Hamısı gedirlər. Sonra qapı açılır, dörd nəfər sərbaz içəri girir Ağa Kərim ilə. Sərbazlar. Səlam-əleyküm! Ağa Mərdan. Əleyküməssəlam. Buyurun, oğlanlarım, əyləşin! Siz xoş gəlibsiniz. Sizə zəhmət verdim, bağışlayasınız! Sərbazlardanbirisi. Xeyr ağa, sənin kimi hörmətli kimsənələrin qulluğuna gəlmək bizə çox fəxrdir. Ağa Mərdan. Mərhəba, oğlum! Ədəbli adam dünyada həmişə əziz olar. Çaşt yeyibsinizmi? Sərbazlar. Xeyr, bura gəldik, hələ məcalımız olmadı. Ağa Mərdan. Ağa Kərim, bizim nökərlərdən birisini göndər, bazardan çilovpəzdən dörd nəfər üçün dörd dümərdi boşqabda, yanınca qəndabı çilov gətirsin. Sərbaz. Nə üçün, ağa, zəhmət çəkirsiniz? Ağa Mərdan. Zəhmət niyə olur, əzizim. İndi çaşt vaxtıdır. Rəvadırmı mənim evimdən ac gedəsiniz? Sərbaz. Ağa, bizə qulluğunuz nədir? Ağa Mərdan. Oğlum, bir çəndan qulluğum yoxdur. Ancaq bircə kəlmə söz sizdən soruşacağam. Sərbaz. Buyur, ağa, ikisini soruş! Ağa Mərdan. Mərhum Hacı Qafuru sizmi dəfn etdiniz? Sərbaz. Bəli, ağa. AğaMərdan – Mərhəba, oğlanlarım, sizin cavanmərdliyinizə! Sizin vücudunuz qənimətdir. Nəinki islamın köməyisiz, bəlkə dar gündə xalqın vecinə də ancaq siz gəlirsiz. Vəba düşəndə bir mütənəffis Təbrizdə qalmamışdı, amma siz öz canınızdan keçib şəhəri buraxmadınız. Cənab-əqidəsi-ilahi sizə böyük əcr versin! Xub, oğlanlarım, Hacı Qafuru sağ gördünüzmü? Sərbaz. Bəli, gördük, ağa! Ağa Mərdan. O vaxtda onun yanında qundaqda onun bir aylıq tifil oğlunu gördünüzmü? Sərbaz. Xeyr, ağa, görmədik. Ağa Mərdan. Olur ki o vaxtda anasının qucağında imiş. Sərbaz. Xeyr, ağa, Hacı Qafurdan biz soruşduq ki, oğuldan, uşaqdan nəyin var? Dedi ki, bir bacımdan başqa bir kimsəm yoxdur. Ağa Mərdan. Bəli, olur ki, oğul bir aylıq tifil olduğu üçün onu hesaba gətirməyibdir. Amma uşaq o vaxtda anasının qucağında imiş. Sizdən başqa özgələri uşağı onun qucağında görüblər. Mən elə bildim ki, bəlkə siz də görmüş olasınız. Eybi yoxdur, indi bu xüsusda necə şəhadət edəcəksiniz? Çünki vərəsə arasında dava bərmeyit vaqe olubdur. Sərbaz. Biz bildiyimiz kimi şəhadət edəcəyik. Bu xüsusda Hacı Qafurun bacısının vəkili də bizdən soruşdu, bu qərar ilə cavab verdik. Ağa Mərdan. Bəli, indi məlum oldu ki, siz niyə belə danışırsınız; çünki o haramzadanın, o bidinin ağzı sizə dəyibdir. Onun üçün siz uşağın varlığına münkir olursunuz. Yəqin ki, bu xüsusda sizin hər birinizə iyirmi tümən vədə edib yarısını də pişəki veribdir. Sərbaz. Xeyr, ağa, o bizə bir həbbə də vədə eləməyibdir. Hətta biz ondan bir cüzi xarclıq istədik, dedi ki, şahid gərək biqərəz ola, əcrinizi allahdan istiyin. Ağa Mərdan. Ax, məlun, gör nə mərtəbədə qayım və xəsis adamdır! Özündən başqa istəmir ki, bir kimsəyə bir həbbə xeyir yetişsin. Yaxşı, altmış min tümənin davasında nahaq işə şəhadət etdirir. Sizin kimi cavanmərd uşaqların hər birinə bir iyirmi ya otuz tümən cib xarcılığı verməklə can çəkir. Vallah, beləcə məlun olmaz. Allah bəlasın versin. İşi nahaq, özü qayım və xəsis! Sərbaz. Necə işi nahaqdır, ağa? Ağa Mərdan. Belə nahaqdır ki, aşkara Hacı Qafurun yeddi aylıq oğlunu istir dansın, batırsın və atasından qalan dövləti istir onun bacısına yedirsin. Lakin bu işi Allah götürməz. Uşaq bu saatda halihəyatdadır. Bunu necə danmaq olar? Mən uşağın vəkiliyəm. Otuz tümən nəzr eləmişəm ki, hər kəs bu tiflin barəsində şəhadət etsə, onun qabağına sanıyam. Sizə çox gümanım gəlirdi. Belə bilirdim ki, uşağı görübsünüz, pulları da sayıb hazır qoymuşdum. Amma çifayda, siz deyirsiniz uşaq yadınıza gəlmir; amma olur ki, görsəniz yadınıza düşər. Ağa Kərim, evdən o tifli anası Hacı Qafurun arvadından al, bir bura gətir. (Ağa Kərim gedir, cəld o biri otaqdan yeddi aylıq qundağı gətirir). Uşaqlarım, bir dürüst fikrinizə gətirin, olmaz ki, siz bu uşağı görməmiş olasınız! Allaha mürvətdir ki, bu yetimin atasının pulunu özgəsi yesin, bu yetim həsrət ilə qapılarda qalsın? Amma olur ki, siz tələsikdə buna mültəfit olmamış olasınız, çünki o vaxt bir belə vaxt idi ki, adam öz başını da unudurdu. Ağa Kərim, bu uşağın nəzirini taxçadan al, bura gətir. (Ağa Kərim tez taxçadan dörd kağıza bükülmüş pulları gətirir. Ağa Mərdanın qabağına qoyur). Mənim əzizlərim, Allahtaalanın əcrindən başqa ki, bişəki sizə yetişəcək idi, bu yetim bu kağızların hər birisinin içində sizə otuz tümən nəzr edibdir. Bu, o məlun Ağa Səlman kimi deyil ki, həmi nahaq işə təklif edə və həmi xissətdən hes bir zad vermiyə. Sərbazlardan birisi yoldaşlarından birisinə üzün çevirib. Bədəl. Qəhrəman, mənim belə yadıma gəlir ki, biz Hacı Qafurun yanında olduğumuz saatda bir uşaq səsi gəldi. Qəhrəman. İndi mənim də fikrimə düşür ki, bucaqda bir arvad oturmuşdu, qucağında bir qundaq var idi. Qəffar (sərbazlardan üçüncüsü). A kişi, deyəsən mənim də xatirimə gəlir ki, Hacı Qafur dedi ki, o mənim arvadımdır, o uşaq da mənimdir. Bir aydır anadan olubdur. Nəzər (sərbazlardan dördüncüsü). A kişi, necə bu iş bizim yadımızdan çıxıbdır. Doğrudan, o vaxt adam öz başını da unudarmış. Ay uşaqlar, Hacı Qafur bizə demədimi ki, mənim evimdən, öz arvadımdan və bu tifil uşağımdan muğayat olun? Şəhər xalqı yığılanadək oğru və əyri bulara əziyət verməsin? Əvvəlincisərbaz Bədəlvəobiriləribiryerdə. Bəli, arvadını və oğul-uşağını doğrudan bizə tapşırdı. Ağa Mərdan. Allah sizdən razı olsun, oğlanlarım! Mənim də gümanım bu idi ki, bu iş sizin laməhala xatirinizdə olacaqdır. Alın bu yetimin nəzirini özünüzə xarclıq edin! İnşallah mürafiə tamam olandan sonra genə sizin hər birinizə on tümən yetişəcəkdir! Doğruluq heç vaxt da itməz. Oğullarım! Belə ki, mənə söylədiniz, məhkəmeyi-mürafiəyə dəxi bu qərar ilə şəhadət edin. Pulları götürün. Sərbazlardanbirisi. Ağa, axır biz Ağa Səlmana söz vermişik ki, onun tərəfinə şəhadət edək. İndi ona deyəkmi ki, biz ona şəhadət ola bilmənik? Ağa Mərdan. Xeyr, heç ona demək lazım deyil! O elə bilsin ki, siz ona şahidsiniz. Sizi aparsın məhkəməyə, orada necə ki, indi söylədiniz, bu qərar ilə şəhadət edin. Ağa Səlmanın sizdə bir haqqı yox, bir tələbi yox. Desə ki, niyə belə şəhadət edirsiniz, deyin ki, biz belə bilirik. Götürün pulları! Çilov gəlibdir gedin o biri otağa, çaştınızı yeyin, gedin. Amma sizdən bircə təvəqqəm var; gərək mən sizi bura çağırdığımı bir kimsənə bilməyə. Bu sirri saxlamaq üçün məhz rizaənlillah mən sizin hər birinizə özümdən bir Buxara börkü vədə edirəm. Sərbazlar. Ağa, bu xüsusda xatircəm ol! Pulları götürürlər. Ağa Mərdan. Ağa Kərim, uşaqları o biri otağa apar, çilov yesinlər, yola sal, getsinlər! Ağa Kərim sərbazları götürüb o biri otağa aparır. Ağa Mərdan (yalqız). Hələ buratan yaxşı gəlir. İndi durum gedim, məhkəmədə olan haşiyənişinləri püxtə və amadə edim ki, sabah mürafiə vaxtında bəqədri-lüzum quyruq bulasınlar. (Durub gedir). Pərdə salınır * * * Üçümcü məclis Üçümcü məclis vaqe olur məhkəmeyi-mürafiədə. Sədrdə əyləşibdir hakimi-şər, onun sağ tərəfində Ağa Rəhim və Ağa Cabbar, sol tərəfində Ağa Bəşir və Ağa Səttar ki, daima məhkəmeyi-mürafiədə haşiyənişindirlər və başqa səmtdə oturubdur Ağa Mərdan – Hacı Qafurun arvadının vəkili. Ağa Bəşir (hakimi-şərə rücu edib). Ağa, maşallah sizin zehninizə və fərasətinizə! Bilirsinizmi ki, dünən şikayətə gələn arvadın əməli nə imiş? O özü ərinin cibindən üç tümən çıxarıb sonra ərini döyüb, yalandan üzünü qanadıb, başının tükün yolub, ərindən şikayətə gəlmiş imiş. Hakimi - şər. Mən demədimmi ki, bu zəifə mənim nəzərimə böhtançı gəlir? Bunun şikayətini dürüst təhqiq etmək gərək? Ağa Bəşir. Axır mən də ərz edirəm ki, maşallah sizin fərasətinizə! Vallah, sizin nəzəriniz kimyadır. Əhli-məclisdən heç kim o zəifənin haqqında gümani-bəd aparmadı. Amma siz bir dəfə nəzər salmaqla buyurdunuz ki, mən o zəifənin əməlində şübhəliyəm. Vaqiən, elə belə imiş. Hakimi - şər. Mükərrər, mən belə işlərdə müvafiqi-vaqe hökm etmişəm. Ağa Bəşir. Doğru demişlər ki, “ərbabüddüvəli mülhəmünə”, bu növ bəsirət əgər ilham deyil, bəs nədir? Ağa Rəhim. Ağa Bəşir nə çox təəccüb edirsən? Cənabiəqdəsi-ilahinin ki, bir bəndəsinə lütfi-xassı ola, onu fəzilətdə bərgüzidə və səramədi-əhli-zəmanə edər. Ağaya, cənabi-əqdəsi-ilahinin lütfi-xassı var iş bilməkdə. Sən adın ilham qoy, mən deyirəm: bu Allahın lütfi-xassıdır. Ağa Cabbar. Bəli, ixtiyarın var, hər birisini demək caizdir. Belədirmi, Ağa Mərdan? Ağa Mərdan. Əlbəttə, əlbəttə! Ağa Rəhim. Ağa Mərdan, Hacı Qafurun uşağı necədir? Ağa Mərdan. Allaha şükür, indi hər adamı tanıyır, çağıranda gəlir. Ağa Cabbar. Gərək indi onun yeddi ayı tamam olmuş ola? Ağa Mərdan. Bəli. Hakimi - şər. Necə, Hacı Qafurdan uşaq qalıbdır? Bəs mən eşitmişəm ki, onun heç övladı qalmayıbdır? Ağa Bəşir. Xeyr, ağa, sizə yalan ərz edibdirlər. Bir balaca tifil qalıbdır, ay parçası kimi! Dünən biz namazdan qayıdanda qapı ağzında Ağa Mərdanın qucağında gördük; guya ki, Hacı Qafur ilə bir almadır ikiyə bölünübdür. Ağa Səttar. Ağa, Hacı Qafurun gözü, qaşı ki sizin xatirinizdədir. Hakimi - şər. Bəli, Hacı Qafur ki, çoxdan ölmüyübdür. Ağa Səttar. Bu uşağın da göz-qaşını müayinə edəsən, Hacı Qafurun göz-qaşıdır. Hakimi - şər. Mən belə bilmirdim. Xub, Ağa Mərdan, çünki Hacı Qafurdan oğlan qalıbdır, dəxi nə murafiə lazımdır? Aşkardır ki, Hacı Qafurun malı gərək ona yetişə, başqa əqrəbasına bu surətdə yol yoxdur. Ağa Mərdan (qayət fürutənliklə). Ağa, keyfiyyəti əgər mən qulluğunuza ərz eləsəm, qərəz görünər. Ağa Bəşir ərz eləsin ki, bu necə işdir. Ağa Bəşir. Ağa, keyfiyyəti mən qulluğunuza ərz edim. Hacı Qafurun bir bacısı qalıb Səkinə xanım adlı və əhli-zələmədən bir cahıl oğlan sevibdir. Əziz bəy adlı ki, ondan ötrü biixtiyardır. İstir ona getsin. Oğlan yaxır durmur ki, malsız, pulsuz səni mən nə eyləyəcəyəm. İndi qız çalışır ki, bəlkə Hacı Qafurun malına varis ola, bu səbəbə oğlan onu ala. Bibisi istədi ki, onu Ağa həsən tacirə verə ki, mütəşəxxis və dövlətli adamdır, getmədi. İndi özünə vəkil tutub və şahid hazır edib ki, guya Hacı Qafurdan övlad qalmayıbdır və gərək ondan qalan altmış min tümən mənə yetişə. Arvad taifəsi naqisül-əql belə xəyal edir ki, bu hiylə və tədbir ilə Hacı Qafurun dövlətinə sahib ola bilər. Amma xeyr, bica fikrdir, nahaq yerə özünü zəhmətə salır. Hakimi - şər. Xub, bu iş çox çəlpəşik və uzun çəkəsi iş deyil. İki saatın içində bu işi qət eləmək olar. Hər iki tərəfdən iddiaları xüsusunda şahid və isbat lazımdır. Ağa Mərdan. Bəli, ağa, bu saatda şahidlər hazır olar. Ağa Səttar (Hakimi-Şərə). Ağa, dünən ki qulluğunuza iki yetim uşaq gətirdilər ki, bisahibdirlər, buyurdunuz ki, bir dindar allah bəndəsi taparıq, buları tapşırrıq. Mən belə səlah görürəm ki, oları Ağa Mərdana tapşırasınız. Öz övladı kimi mütəvəcceh olar; çünki həmişə həsənata talib adamdır. Hakimi - şər. Çox yaxşı, Ağa Mərdan qəbul edirsinizmi? Ağa Mərdan. Baş ilə, can ilə, ağa! Övladım kimi mütəvəcceh olaram! Hakimi - şər. Pərvərdigari-aləm sənə əcri-xeyir versin! Bu halda qapı açılır, içəri girir Ağa Səlman, yanında dörd nəfər sərbaz və Əziz bəy və olardan sonra daxil olur Ağa Abbas, Hacı Qafur arvadı Zeynəb xanım və dörd nəfər şahid. Zeynəb xanım bir tərəfdə çadirşəbə bürünüb oturur. Ağa Səlman, Əziz bəy, Ağa Abbas da bir tərəfdə dururlar. Hakimi - şər. Ağa Səlman, deyirlər Hacı Qafurun övladı qalıbdır. Sənin bu sözün xilafına isbatın varmı? Ağa Səlman. Ağa, mənim, şahidlərim var ki, Hacı Qafur öləndə iqrar edib ki, mənim bacım Səkinə xanımdan başqa bir varisim yoxdur, Hakimi - şər. Şahidlər ədayi-şəhadət etsinlər. Ağa Səlman (sərbazlara mütəvəcceh olub). Şəhadətinizi edin! Sərbazi - əvvəl. Ağa, mən yoldaşlarım ilə Hacı Qafur öləndən bir gün irəli onu yoluxmağa gəldik və soruşduq ki, oğlundan uşaqdan nəyin var? Dedi ki, bir bacım Səkinə xanımdan başqa bir kəsim dünyada yoxdur. Hakimi - şər. De ki, əşhədü-billah belə eşitdim! Sərbaz. Əşhədü-billah belə eşitdim. Ağa Mərdanın rəngi qaçır və təəccüb edir. Habelə Ağa Səlmanın. Hakimi - şər (o biri sərbazlara mütəvəcceh olur). Siz necə eşitdiniz bir-bir deyin! İkincisərbaz. Əşhədü-billah, mən də belə eşitdim. Üçüncüsərbaz. Əşhədü-billah, mən də belə eşitdim. Dördümcüsərbaz. Əşhədü-billah, mən də belə eşitdim. Ağa Mərdan (kəmali-diltəngliklə). Bəs o vaxta onun arvadının qucağında balaca uşaq görmədiniz? Əvvəlimcisərbaz. Xeyr, balaca uşaq özgə yerdə görmüşük. İstirsən onu da deyək. Ağa Mərdan. Yaxşı sakit olun (hakimi-şərə mütəvəcceh olub). Ağa, mənim şahidlərim var ki, bu sərbazlar deyən gündə Hacı Qafurun qucağında bir aylıq oğlunu görüblər və soruşublar ki, bu kimdir? Deyibdir ki, mənim oğlumdur. Şahidlər budur, hazırda durublar. (İşarə edir öz şahidlərinə). Hər birisi sahibi-savad, mötəbər və dindar adamdır. Ağa Səttar (təvəccehi-tamam ilə). Ağa Mərdan, zahirən bu cavan Hacı Şərifin oğludur? Ağa Mərdan. Bəli. Ağa Səttar. Bəli, elə kişidən şəksiz saleh övlad qalacaqdır. Hacı Şərif çox saleh kimsənə idi. Hakimi - şər (şahidlərə üzün tutub). Bildiyinizi deyin! Əvvəlimcişahid Həpo. Bildiyimizi deyək? Hakimi - şər. Bəli. Həpo. Ağa, dünən Ağa Mərdan məni yoldaşlarım ilə evinə çağırıb hər birimizə on beş tümən pul verdi ki, bu gün gəlib sizin hüzurunuzda deyək ki, vəba vaxtı biz Hacı Qafurun qucağında bir aylıq oğlunu görmüşük. Qumarbaz baba idim. Aldım, apardım; çünki nahaq işdən ötrü verilmişdi, bərəkəti də olmadı. Bu gecə on beş tümənin hamısını bir yerdən uduzdum. Bir yaman hərifə rast gəlmişdim ki, Leylac onun əlinə su tökməyə yaramaz idi. Bundan başqa mən bir zad bilmirəm Ağa, nə Hacı Qafuru görmüşəm və nə onu tanıram. Ağa Mərdanın lap boğazı quruyur. Hakimi - şər (o biri şahidlərə üz tutub). Siz nə deyirsiniz? Obirişahidlər (bir yerdə). Bəli, biz də elə bunu deyirik, necə ki, yoldaşımız təqrir edir. Hakimi - şər (haşiyənişinlərə). Siz məni inandırdınız ki, Ağa Mərdan dindar adamdır. Bu dəlalət edir sizin nadürüstlüyünüzə. Ağa Bəşir. Xeyr, ağa, dəlalət edir bizim saf və sadiqliyimizə ki, ona inanıb təqriratına görə onu dindar hesab edirdik. Ağa Rəhim (yoldaşı Ağa Səttara ahəstə). Yalançının evinə od düşsün! Nadürüst Ağa Bəşir gör nə səbəb tapdı üzrxahlığa! Ağa da güman edəcək ki, biz vaqiən saf və sadiq imişik. Bu halda şahzadənin fərraşbaşısı içəri daxil olur. Fərraşbaşı (hakimi-şərə). Ağa, şahzadə soruşur ki, Hacı Qafurun bacısının varisliyi sizin yanınızda sabit oldumu? Hakimi - şər. Bəli, sabitdir. Amma şahzadə bilirmi nə günə bu sübut hasil oldu? Fərraşbaşı. Bəli, Hacı Rəcəbəli, Ağa Mərdan və Ağa Səlmanın niyyətini duyub şahzadəyə bildirmişdi və şahzadə oların əməllərinin bütlanına lazımeyi-tədbir görsətdi. İndi bu iki nəfərin təqsiri sübuta yetişibdir və mənə fərmayiş olunubdur ki, oları bu saatda şahzadə hüzuruna aparam. Hakimi - şər. Ağa Səlman da bu işdə hiylə edirmiş? Fərraşbaşı. Bəli, batində o da Ağa Mərdanın şəriki imiş. Ağa Mərdanı və Ağa Səlmanı götürüb gedir. Hakimi - şər. Əziz bəy, Hacı Qafurun bacısının adamı indi sənsən. Onu xəbərdar elə ki, iki saatdan sonra Hacı Qafurdan qalan məbləği mən özüm gətirib neçə nəfər şahidi-mötəbərin hüzürunda ona təslim edərəm. Əzizbəy. Bəli, baş üstə, ağa, mürəxxəs olum. (Məclisdən çıxır). Ağa Bəşir. Bah, balan ölsün kişi! Belə də yalan odurdu ki, bu qayırmışdı? Pərvərdigara, dünyada necə bidin adamlar yaradıbsan! Kişi yalandan elə istirmiş Hacı Qafura oğul sabit edə. A kişi, belə də cürət olarmı? Ağa Cabbar, sən mən axmağa de ki, bu mərtəbədə saf və sadiqlik olarmı ki, elə hər zada inanırsan? Ağa Cabbar (üzün kənara tutub). Yalançının evi yıxılsın! Sən saf və sadiqsən! (Qaim sövt ilə). A kişi, durun gedək, ağaya çox zəhmət oldu. Dəxi çox danışmaq nə fayda verər? Əvvəl hakimi-şər mütəfəkkir ayağa durub gedir. Sonra hamı ayağa durub gedir- lər. Məclis tamam olur. Pərdə salınır Tamamolur Aldanmış kəvakib (hekayəti-yusif şah) Səfəviyyənin Əvaili-səltənətində Qəzvin paytəxt idi. Hadisatimütənəbbiənin vüquundan sonra Məhəmməd şah Səfəvi səltənəti öz oğlu Şah Abbasi-əvvələ təslim etdi. Şah Abbasın cülusundan altı il keçib, yeddimci il başlanmışdı ki, aşağıda zikr olunan qəziyyə vaqe oldu. Baharın əvvəli idi; novruzdan üç gün keçmişdi; Şah Abbas günortadan üç saat keçmiş qəsrdə öz məhbubəsi Səlma xatun ilə oturub söhbətə məşğul idi ki, xacəbaşı xacə Mübarək içəri girib, kürnuş edib ərz elədi ki: – Münəccimbaşı – Mirzə Sədrəddin qibleyi-aləmin ziyarətinə müşərrəf olmaq istəyir, bir vacibi işdən ötrü. Şah Səlma xatuna işarə etdi ki, hərəmxanaya getsin və xacəyə buyurdu ki: – Mirzə Sədrəddini çağır gəlsin! Münəccimbaşı şahın hüzuruna daxil olub kürnuşdan sonra əl-əl üstə qabaqda durub, dua və səna etdi. Şah soruşdu ki: – Mirzə nə var? Münəccimbaşı ərz elədi ki: – Qibleyi-aləm sağ olsun, bu övqat kəvakibin seyrindən belə məlum olur ki, novruzdan on beş gün keçmiş Mərrixin Əqrəb ilə iqtiranı vaqe olacaq və bu qirani nəhseynin təsiri budur ki, məşri-zəmində və bittərcih mülki-İranda sahibi-səltənətin vücuduna sədəmei-üzma yetişəcəkdir. Buna binaən mən ki, asitaneyi-səniyyənin müxlis və cansipar bəndəsiyəm, özümə vacib bildim ki, bu keyfiyyəti piş-əzhadisə qibleyi-aləmə məruz edim. Şah bu vaxt çox cavan idi. Ömründən ancaq iyirmi iki il keçmişdi. Məlumdur ki, bu sinndə həyat necə şirin və əzizdir. Xüsusən ki, dərəceyi-ülyada və təxti-səltənətin üstündə! Bu səbəbə münəccimbaşının xəbəri şahi-cavanı qayətdə dəhşəti-üzmaya saldı. Haman saat rəngi qaçıb, guya ki, bihuş oldu. Bir dəqiqədən sonra başın qaldırıb Mirzə Sədrəddinə buyurdu ki: – Xub, mürəxxəssən, get! Münəccimbaşı kürnuş edib qayıtdı. Şah yalqız qəsrdə yarım saat fikrə piçidə olub, sonra xacə Mübarəki avaz etdi. Xacə hüzura daxil olduqda buyurdu ki: – Fərraş göndər, bu saatda vəzir Mirzə Möhsünü və sərdar Zaman xanı və müstövfi Mirzə Yəhyanı və mollabaşı Axund Səmədi mənim hüzuruma çağırsın! Xacə çıxıb bir az vaxtdan sonra ehraz olunan əşxas gəldilər və lazimeyi-təzim əmələ gətirib müntəziri-fərmayiş oldular. Şah buyurdu ki: – Sizi bir əmrdən ötrü məsləhətə çağırmışam, gərək haman xüsusda bir tədbir göstərəsiniz. Çünki bu məclisi-xasdır, ona binaən mənim tərəfimdən icazət olunur ki, oturasınız. Əşxas fərmayişi əmələ gətirdilər. Şah münəccimbaşının xəbərini ilqa etdikdən sonra buyurdu ki: – Aya sizin rəyinizə görə mən nə qismi tədbir ilə bu hadisəni öz vücudumdan dəf edə bilərəm? Həzərat cümləsi heyran qaldılar. Bir dəqiqə sükutdan sonra vəzir Mirzə Möhsün başladı danışmağa: – Bu bəndeyi-kəminənin ixlası dövləti-əliyyəyə nisbət bədihiyyatdandır. Əlbəttə, qibleyi-aləmin xatirindədir ki, pedəri-büzurgüvarlarının əyyami-səltənətində bir para naqisüləql kimsənələrin vəzarətə mübaşirəti olmaq səbəbilə xəzineyi-amirə nə mərtəbədə nüquddan xali olmuşdu. Bu keyfiyyətə hali olduqda mən tədbirinə iqdam etdim və qərar qoydum ki, çakərani-dərgahdan hər kimsə ki, bir şüğlə və ya bir vilayətin hökümətinə mənsub olsa, fəraxuri-halına görə bir məbləğ berəsmi-peşkəş xəzinəyə təslim etsin və əlavə hər zaman ki, qibleyi-aləm bir əmirin kaşanəsini təşrifi-qüdumu ilə mübarək etsə, sahibi-kaşana əqmişeyi-nəfisə payəndaz və bir miqdar pul peşkəş eləsin. Bu növ tədbirin vasitəsilə indi ki, qibleyi-aləmin cülusunun yeddimci ilidir, xəzineyi-amirə əlhəmdü lillahi-vəlminnə, nüqudivafirədən malamaldır. Ümuri-vəzarətin pişrəftində bəndeyi-kəminə tərəfindən bitəcrübəlik qeyri-mütəsəvvirdir, amma kəvakibin müğabilində tədbir göstərməyə əlhəq acizəm. Bundan sonra sərdar Zaman xan şüru elədi: – Bu çakəri-xalis, saqqalımın tükünü dövləti-əliyənin xədəmatında ixlas və hünər ilə ağartmışam. Məsələn, on il bundan əqdəm ki, taifeyi-Osmaniyyə Bəkir paşa Dəmirçioğlunun sərəskərliyi ilə yetmiş min nəfərə qərib xaki-İranə hücum gətirməyə müsəmməm olmuşdular: qibleyi-aləmin pedəri-büzurgüvarı İran qoşununun sərdarlığını mənə vagüzar etdi. Əgərçi bizim qoşunumuz da hesab və ədəddə taifeyi-Osmaniyyədən kəm deyildi, nəhayət, mənim heyfim gəldi ki, firqeyi-naciyyənin qoşunun küruhi-zallənin müqabilində tələfə verdirim. Ona binaən əmr etdim ki, Osmaniyyə sərhəddindən ta nəhayətimülki-Azərbaycan tamam dəhaqinin ziraətini xarab etsinlər və çarpalarını qovub gətirsinlər. Körpüləri dağıtsınlar və yolları pozsunlar. Vəqta ki, Bəkir paşa sərhəddimizə daxil oldu, əgərçi müqabilində bizim qoşundan bir nəfər görmədi, amma yollar bir mərtəbədə xərab olunmuşdur ki, əsla özü ilə topxana gətirməyə qadir olmuyub, ancaq atlı və piyadəsilə ənvai-zəhmətdə Təbrizə varid oldu və hər tərəfə dəstə göndərib zaxirə təhsilinə iqdam etdi. Əlinə bir həbbə və bir öküz və qoyun düşmədi. Naçar üç gündən sonra üftan və xizan ac və əfsürdə Təbrizdən kusi-rehlət döyüb qaçdı. Bu tədbir ilə mülki-İran taifeyi-biganənin hücumundan məhfuz qaldı. Yolları pozmaq və körpüləri yıxmaq bir mərtəbədə tədbirimüfid göründü ki, dövləti əliyyə Bəkir paşa qaçandan sonra dəxi belə səlah gördü ki, onları həmişə bu qərarda baqi qoysun, dübarə taifeyibiganənin hücum gətirmək ehtiyatı ilə. Bu təriq ilə dövləti-əliyyənin qoşunundan bir nəfərinin dəxi burnu qanamayıb, əsakiri-mənsurənin cümləsi həmsayə düşmənlərin vəhşəti üçün salim qaldı. Belə işlər xüsusunda asitaneyi-əliyyənin qoca iti tədbir göstərməkdən aciz deyil! Amma kəvakib ilə müxalifət etməkdə əqlim hər bir əlacdan qasir görünür... Şahın vəhşəti qayətdə ziyadələnməyə başladı. Sonra müstövfi Mirzə Yəhya təkəllümə gəldi: – Bu bəndeyi-həqir vəzirin əqrəbi və dəst-pərvərdəsi olduğum səbəbə və onun vücudu vasitəsilə bu mənsəbə yetişdiyimə görə, ixlas və sədaqət göstərməkdə bilkülliyyə onun niyyəti-həsənəsinə və qaydasına peyrəvilik etmişəm. Müşəxxəsdir ki, qoşunun və əvasiti-sahibmənsəbanın məvacibi qibleyi-aləmin fərmanı mucibincə və mənim imzam ilə vilayətlərin mədaxilindən həvalət olunur. Çünki xəzinəyiamirədə nüquddan nöqsan görsənmişdi, necə ki, vəzir zikr elədi, ona binaən mən bu cəhətdən qayətdə diləfsürdə idim. Əgərçi mən fəramini-məvacibi imza edib vilayətlərə həvalə etmişəm ki, məvaciblərin qəti ilə dövləti-əliyyə xalqın nəzərində bietibar görünməsin; amma məxfi hər bir vilayət hakiminə piş əz-vəqt məktub göndərmişəm ki, mənim tərəfimdən cüdaganə nəviştə olmamış məhz fərman mucibilə məvacib icra etməkdən etiraz etsinlər. Həmin tədbir səbəbilə xəzineyi-amirənin mədaxili çox təzayüd behəm edibdir və qoşun xalqı və sahibmənsəblər əgərçi bivüsuli-məvacib qalıblar, amma sülh və asayiş zamanı olmaq səbəbilə və İranın kəmali ucuzluğuna görə, məvacibə ziyadə möhtac olmayıblar. Belə işlər xüsusunda mənim zehni-dəqiqim-yədi-beyza göstərir; lakin kəvakibin təsirini rədd etmək üçün, doğrusu, heç bir çarəyə əqlim çatmır... Növbət yetişdi mollabaşıya; təqrir elədi; – Cənab əqdəsi-ilahi qibleyi-aləmin vücudi-mübarəkini əimmeyi-əthar hörmətinə cəmin-afati səmavidən və ərzindən məhfuz etsin! Bu daiyi-dəvami-dövləti-qahirənin ixlas və sədaqəti, silsileyicəlileyi-Səfəviyyəyə nisbət tövsifdən xaricdir. Qibleyi-aləmin pedəri-büzürgüvarları zamanında mənsəbi-mollabaşılığa sərəfraz olduğumda nisfi-İran, hətta payitəxtin yarısı dəxi sünni məzhəb idi. Əvvələn, məvaizi-həsənə və saniyən, təxvifatikəsirə səbəbilə tamam sünni məzhəbləri rahi-rasti-məzhəbi-isna əşəriyyəyə hidayət etmişəm. İndi Allahın kərəmindən səfheyi-İranda beş-altı nəfərdən ziyadə sünni tapılmaz. Bu xüsusda İran xalqından dəxi kəmali-rizaməndliyim var ki, bəmücərrədi-təklif qədimi ata və babalarının məzhəblərindən əl çəkib hidayətə rağib oldular. Hətta mən istədim ki, cühudlara və ermənilərə dəxi əl qatıb oları da şiə məzhəbinə döndərim, amma bir para xeyrəndiş kimsənələr məsləhət görmədilər ki, lüzumi yoxdur. Çünki hər torpaqda cühuddan və ermənidən bir az var, bizim torpağımızda dəxi bir az olmaqları məsləhətdir. Əlavə, müşəxxəsdir ki, əimmeyi-ətharın-əhadisi-sərihəsi mucibincə islam mülkündə təxtə və taca malik olan kimsənə zati-şərif və vacibüttaət məhsub olunmaz. Zira ki, bu dərəceyi-aliyə imama və ya onun naibi müctəhidi-ələmə mütəəlləqdir. Ona binaən mən cəmi xütəbaya hökm yazdım ki, tamam vilayətlərin mənabirində xalqa elam etsinlər ki, haman əhadisin silsileyi-Səfəviyəyə şümulu yoxdur. Zira ki, xanədani-nübüvvətdən və dudimani-imamətdən zühur ediblər və vazehdir ki, əimmə haman əhadisi qeyrilərinin haqqında buyurmuşlar, nə öz övladlarının. Bu övqat ki, qibleyi-aləmin vücudu təsiri-kəvakibdən məhəllixətərdədir, mənim ürəyim qüssədən, tabadakı balıq kimi büryan olur və qasir əqlimə belə yetişir ki, o məlun münəccimbaşının özü bu işin çarəsini bizdən artıq bilir. O, qibleyi-aləmə xəyanət edibdir ki, kəvakibin təsirini bildirib, dəf inin əlacını izhar etməyibdir, əlbəttə, bir xəbis fikrə görə necə ola bilər ki, zəhri göstərə, nadzəhri göstərməkdən özünü kənara çəkə? Peyğəmbər sələvatüllahi-əleyh buyurubdur ki: “küllü münəccimin kəzzab!”* Bu hədsi mən onların və əhvalına isnad edirəm, nə elmlərinə. Çünki o məlunların əxbarı əksər övqat nəticə bağışlayır, amma özləri yalançı və bədzatdırlar! Qibleyi-aləm onun özünü çağırsın, bu hadisənin dəfi üçün onun özündən əlac istəsin. Əgər üzr gətirsə, boynunu vurdursun. Mollabaşının münəccimbaşı ilə ədavəti-sabiqəsi var idi. Bu keyfiyyət onun üçün çox yaxşı vəsilə göründü ki, onun və sair münəccimlərin guri-pedərini yandırsın. Əlhəq, münəccimbaşı dəxi görünür ki, çox əhməq imiş. Nə lazım olmuşdu ki, belə vəhşətli xəbəri şaha verib bu qalmaqala səbəb ola və özün dəxi həlakətə sala?.. Münəccimbaşıya əvaxirdə bu bəhsi varid edirdilər, cavab verirdi ki: – Mən qorxdum ki, əgər bu xəbəri şaha əqdəm yetirməsəm, özgə münəccimlər onu yetirərlər; mən şahın nəzərində xəri-nadan qələminə gedərəm, mənsəbdən məzul ollam. Behər surət, şahın münəccimbaşıdan haman namübarək xəbərə görə zəhləsi getmişdi. Mollabaşının təhriki olmamış da bu halda kəmali-qeyz ona üz verib, xacə Mübarəki qaim sövt ilə səda etdi. Xacə hazır olduqda, buyurdu ki: – Bu saat fərraş göndər, münəccimbaşını mənim hüzuruma gətirsin! Xacə qayıdıb, bir saatdan sonra münəccimbaşı hazır oldu. Şah qəzəblənmiş aslan kimi dizi üstə çöküb xitab etdi: – Pedərsüxtə, kəvakibin afətindən məni qorxudarsan və əlacını gizlərsən?! Cəllad! Türfətül-eyndə cəlladi-mühib belində xəncər, əlində tənab içəri girdi. Biçarə münəccimbaşının ərvahı uçub başladı yarpaq kimi titrəməyə. Şah cəllada buyurdu ki: – Apar bu səgin bu saatda boynunu vur! Sərdar Zaman xan əgərçi əhli-şəmşir idi, amma çox rəqiqülqəlb adam idi, münəccimbaşının halına tərəhhüm edib ayağa durdu, ərz eldəi ki: – Təsaddüqün olum, bu sakin boynu vurulandan sonra hadisənin dəfi üçün kimdən əlac soruşacağıq? Bu bəndeyi-zəlil, istida edirəm ki, mənim saqqalımın ağ tükləri hörmətinə onun qətlindən güzəşt edib, hadisənin əlacı xüsusunda ondan tədbir soruşasınız. Əgər müvafiqixahiş cavab verməsə, o vaxt müqəssir və müstövcibül-qətldir. Şah cəllada buyurdu ki: – Onu qoy get! Sonra münəccimbaşıya rücu edib dedi ki: – Məlun, bu saatda hadisənin dəfinə əlac göstər! Biçarə münəccimbaşı yaman halda idi. Hadisənin dəfinə heç bir əlac bilməyirdi. Amma ölüm qorxusundan izharına iqdam edə bilmədi; ərz elədi ki: – Təsəddüqün olum, hadisənin əlacı mümkündür. Mənə bir saat möhlət verin, gedim “Zici-Uluğ bəy”ə mülahizə edim, qayıdım ərz eləyim. “Zici-uluğ bəy”də hərgiz bu növ hadisələrin dəfi üçün bir şey mərqum deyil, amma münəccimbaşı istədi ki, bu bəhanə ilə özünü ustadı mövlana Cəmaləddinin yanına salsın və ondan məşvərət soruşsun; çünki onu nücum elmində özündən artıq təcrübəli bilirdi. Şah rüxsət verdi. Münəccimbaşı çıxmamış xacə Mübarək içəri girib ərz elədi ki: – Mövlana Cəmaləddin hüzuri-mübarəkə müşərrəf olmaq istəyir. Şah buyurdu: – Çağır gəlsin! Münəccimbaşıya dedi ki: – Bir az hüzurda qall! Mövlana otağa daxil olub şaha lazimeyi-sitayiş əmələ gətirdi. Şahın işarəsilə oturub ərz elədi ki: – Qibleyi-aləm sağ olsun, əgərçi bu bəndə pirlik səbəbilə dərxanədən kənar olub guşəgirlik ixtiyar etmişəm, lakin bu övqat, yəni novruzdan on beş gün keçmiş Mərrixin Əqrəb ilə iqtiran etmələrindən qibleyi-aləmin zati-mübarəkinə ehtimali-sədəmeyi-üzma olduğu üçün vacibatdan bildim ki, hüzuri-pürnura şərəfyab olub, piş-əz-vəqt hadisəni elam edib, dəfinə tədbir göstərim. Bu xatirə ki, məbada bu keyfiyyət cavan münəccimlərin bəsirətindən məxfi qala! Şah nəhayətdə xoşhal olub buyurdu ki: – Mövlana, biz elə o xüsusda göftgu edirdik. Hadisə məlumdur. Tədbirini izhar edin. Mövlana ərz elədi ki: – Qibleyi-aləm bu əyyami-nühusətdə, yəni novruzdan on beş gün keçənədək gərək özünü səltənətdən xəl edə və təxtü-tacı təslim eyliyə bir mücrim və vacibülqətl kimsənəyə və özü xəlqin nəzərindən napədid ola. O surətdə kəvakibin təsiri haman mücrimin başında çatlayacaq; çünki o vaxt İran padşahı odur. Elə ki, hadisə vaqe olur və o mücrim ki, sahibi-təxtü tacdır, həlakətə yetişir, o zaman qibleyi-aləm ixtifadan çıxıb genə təxtü-taca malik olur və kəmali-iqbal və afiyətdə səltənət edər. Amma gərək xəlqdən bir kimsənə bu tədbiri bilmiyə və zənn etmiyə ki, qibleyi-aləm ariyətən təxtü-tacdan əl çəkir: ta ki, haman mücrimi ki, təxtə çıxacaqdır, müstəqillən padşah bilələr və gərək hərəmxanə xatunlarının da təlağı verilib kəbin kağızları yırtılva. Sonra olara təklif oluna ki, Abbas Məhəmməd oğluna ki, dəxi padişah deyil və bir fərddir, əfradinasdan dübarə mənkuhə olub fəqr və qənaətə razı olurlarmı? Hər birisi ki, razı olsa, ona dübarə Abbas Məhəmməd oğluna nikah oxuna və kəbin kağızı yazıla və hər biri ki, razı olmasa, haman saat buraxıla... Münəccimbaşı məhləkədən qurtardı. Şahın bəşərəsindən bilkülliyyə qorxu əsəri rəf oldu. Rəngi ağarımş ikən qırmızılığa təbdil tapdı. Əfradi-məclisdən mövlananın əql və kəmalına afərin sədası səqfə bülənd oldu. Şah bəşaşət ilə mollabaşıya mütəvəcceh olub sual etdi ki: – Əhkami-şərə mutabiq bir qayətdə mücrim və vacibülqətl kimsənə nəzərdə varmı ki, səltənəti və təxtü-tacı ona vagüzar edək? Mollabaşı cavab verdi ki: – Pərvərdigari-aləm qibleyi-aləmə ömri-təbii kəramət etsin. Bu şəhri-Qəzvində bir nəfər nabəkar peyda olubdur ki, cəmi-ruyi-zəmində ondan mücrimtər və qətlə müstəhəq bir kimsənə tapılmaz; adına Yusif Sərrac deyirlər. Məlum deyil ki, harada tərbiyət tapıbdır. Ancaq bu övqat şəhri-Qəzvində sakin olduğu üçün əcamir və övbaşdan özünə mürid cəm edib, həmişə üləmayi-giramın və xüddami-şəriəti-qərranın zərbinə və zəmminə zəbangüşadır. Bu məlun həmişə öz müridlərinə sərahətən zikr edir ki, guya üləmayi-giram əvamə firib verirlər. Məsələn, onun əqidəsilə, guya ictihad lazım deyil və xüms və imam malı vermək xilafdır və guya üləma fövt olan müctəhidin rəyində qalmağı o cəhətdən əvama caiz görmürlər ki, özlərinin bazarı rəvac olsun. Və bundan əlavə, dövlətiəliyyəyə dəxi bəhslər varid edir, deyir ki, kətxudadan tutmuş padşahadək küll ərbabi-mənasib əhli-zələmə və qüttaüttəriqdirlər, mülk və millətə hərgiz bulardan bir mənfəət aid deyil, həmişə öz həvai-nəfsləri ilə biçarə xalqı cərimə və müaxizə və müaqəb edirlər, öz rəftarlarında heç bir qanun və qaydaya mütəməssik deyillər, bu gunə rəftar ancaq əhli-zülmün və qüttaüttəriqlərin əməlidir. Və dəxi zikr edirlər ki, məzhəbi-tənasüxə qaildir. Bu daiyi-dəvami-dövləti-qahirə belə səlah görürəm ki, qibleyialəm səltənəti və təxtü-tacı bu məluna təslim etsin ki, kəvakibin təsirindən öz cəzasına yetişib dərəki-əsfələ vasil olsun. Əfradi-məclis küllən bu rəyi təsdiq edib qaim sövt ilə dedilər ki: – Yusif Sərrac pedərsüxtə bilkülliyə qətlə səvar və bəlayi-asimaniyə müstəhəqdir. Şah xoşhal olub buyurdu ki: – Razıyam onun həlakına! Sabah bu tədbir tamam və kamal mücra olunacaqdır. Əfradi-məclisi mürəxxəs etdi. Məclis dağıldı. Olur ki, xanəndələr bu güzarişin vüquunda şübhə edib onu kizbə həml edələr; bu surətdə mən olardan təvəqqə edirəm ki, “Tarixi-Aləm- Ara”da Şah Abbasın cülusunun yeddinci ilində sadir olan vəqayiə mülahizə etsinlər. İndi bizə lazımdır ki, Yusif Sərracı tanıdaq ki, kimdir? Şəxsi-məzkur Qəzvinin qəryələrindən Kərbəlayı Səlim adlı bir dehqanın oğlu idi. Çünki Kərbəlayı, Səlim bir mömin və müttəqi adam idi, istədi ki, oğlu molla olub üləma silkinə daxil olsun. Ona binaən onu uşaq ikən gətirib şəhri-Qəzvində məktəbə qoydu. Bir neçə ildən sonra Yusif Sərrac ki, həddi-büluğa yetişib, asari-rüşd özündə mülahizə elədi, təhsili-elm üçün İsfahana getdi. Oradan dəxi bir neçə ildən sonra Kərbəlaya rəvanə olub, böyük alimlərin məclisində təkmiliülumə şüru etdi. Müddəti-mədid orada məks edib tamam ülumiislamiyyəyə vaqif oldu. Çünki üləmanın əksəri-ümurda təqəllübünü müşahidə edirdi, ona binaən bu sinfə nifrət bəhəm edib, istəmədi ki, özünü oların zümrəsinə daxil etsin. Kərbəladan qayıdıb varid oldu Həmədana; orda usta Xəlilin yanında qırx yaşında ikən sərraclıq sənətini bir il müddətində öyrənib Qəzvinə müraciət etdi. Zira ki, bu şəhər paytaxt olduğu üçün onun sənətinin rəvacı burada artıq görünürdü. Qəzvinə varid olandan sonra təəhhül ixtiyar edib dükan açdı, öz kəsbi ilə özünü və əyalını saxlamağa məşğul oldu. Çünki bir mərdi-səlimünnəfs və nikukar idi, həmişə üləmanın və ərbabi-mənasibin hərəkəti-naşayistəsi onun xatirinə toxunub, oların zəmmindən və zərbindən dilini saxlamağa qadir ola bilmirdi. Əgərçi bu növ cangüdazlıq ona sadiq və xeyrəndiş dostlar bəhəm etdi, nəhayət, axırda bədbəxtliyinə bais oldu. Sabahı gün şahın buyruğu ilə günortaya iki saat qalmış tamam əyan və əşraf və ərkani-dövlət və üləma və sadat və cümlə ərbabi-mənasib, kətxudadan tutmuş vüzəraya dək dərbari-şahidə hazır olub, hər kəs öz yerində durub kəmali-sükut və biistehzarlıq ilə şahın hüzuruna müntəzir idilər. Bu halda şah başında tac və əlində cəvahir nişan toppuz, qolunda cəvahir bazubəndlər, belində kəmər və şəmşiri-mürəssə zahir olub dərbar otağında ki, bir arşın yerdən rüfətli və xalqa baxan tərəfi bilmərrə açıq və bihaildi, təxtə çıxıb oturdu və üzün hüzzaridərbara tutub xitab elədi: – Cəmaət, imdi yeddinci sənədir ki, mən cənabi-əqdəsi-ilahinin məşiyyəti ilə sizə padişaham və bəqədri-imkan sizin hər birinizə nəvaziş və mərhəmət göstərmişəm və sizdən dəxi çox razı və xoşnudam; çünki Səfəviyyə ocağına olan iradət səbəbi ilə həmişə mənə ixsal və sədaqət göstəribsiniz. İndi bir para səbəblərə görə ki, kəşfini mən sizə lazım görmürəm, mən məcburam ki, səltənətdən əl çəkib təxtü-tacı bir kimsənəyə vagüzar edim ki, bu rütbəyə məndən əlhəq və şayistədir. Haman şəxsi mollabaşı və sərdar Zaman xan və vəzir və müstövfi və mövlana Cəmaləddin və münəccimbaşı sizə göstərcəklər. Gərək küllən gedib kəmali-şükuh və təntənə ilə onu gətirib, bu təxtin üstündə oturdub, müstəqillən özünüzə padişah biləsiniz. Vay o kimsənin halına ki, mənim fərmayişimdən təxəllüf edib, o şəxsin itaətində qüsur göstərə! Şah bu sözləri tamam edib, tacı başından götürüb təxtin üstünə qoydu və tamam libasi-faxirini soyunub, şəmşir və kəmərini açıb, bir mündəris libas əyninə geydi və xalqa mütəvvəcceh olub dedi ki: – İndi mən əfradi-nasdən bir mərdi-fəqirəm: Abbas Məhəmməd oğlu. Dəxi məni axtarmayın ki, görə bilməzsiniz! Xudahafiz! – deyib, təxtdən düşüb hərəmxanaya rəvanqə oldu. Hüzzari-məclis heyran qaldılar. Bilmədilər ki, bu keyfiyyəti nəyə həml etsinlər... Hərəmxanədə cümlə hərəmlər şahın fərmayişi ilə bir otağa hazır olub qüdumuna müntəzir idilər. Şah mündəris libasda haman otağa daxil oldu. Xubani-hərəm onu bu heyətdə görəndə az qaldılar qəh-qəhə etsinlər, amma şahın mühib baxışı və qaşqabağı olara bu hərəkətdən mane oldu. Şah haman saat xacə Mübarəkə buyurdu ki: – Molla Rəsulu özünün iki yoldaşı ilə hüzura gətir! Mollalar dişqarıda piş-əz-vəqt hazır olmuşdular. Hüzura daxil olduqda şah oturmağı işarə etdi. Sonra üzün hərəmlərə tutub xitab elədi; – Mənim əziz həmfiraşlarım! Mən kəmali-əfsus ilə məcburam ki, bir yaman xəbər sizə elam edim. Sizə məlum olsun ki, indi mən dəxi İranın padişahı deyiləm, dəxi mənim imarətim və dövlətim yoxdur ki, sizi zinət və zivərdə və alişan otaqlarda saxlıyam. Mən əfradi-nasdan bir fəqir və biçiz kimsənəyəm. Ona binaən labüddəm ki, sizin təlağınızı verib cümlənizi azad edim ki, hər kəsə meyliniz olsa, onu ixtiyar edəsiniz. Sonra üzün Molla Rəsula tutub buyurdu ki: – Buların siğeyi-təlaqlarını cari eylə! Molla Rəsul hamısının təlağını yanındakı ədleyn hüzurunda oxudu. Xubani-hərəm gördülər ki, bir qəribə iş üz verdi, çox xövfə və iztiraba düşdülər, heç keyfiyyətdən hali olmadıqları üçün bilmədilər ki, bu necə qəziyyədir. Cümləsi heyran qaldı... Təlaq tamam olduqda şahın buyruğu ilə oların kəbin kağızlarını xacə Mübarək yırtdı. Şah dübarə xubani-hərəmə mütəvəcceh olub dedi ki: – Əgər sizdən hər biriniz fəqrə və qənaətə razı olub, məni, yəni Abbas Məhəmməd oğlunu ərliyə qəbul edirsə, təzədən bu ibarət ilə ona siğeyi-nikah oxutdurram. Hərəmlərin küllisi təzədən razı oldular ki, şaha mənkuhə olsunlar; çünki şah çox cavan və göyçək oğlan idi və bir də hərəmlər bu əmri zarafat kimi bir şey qiyas edirdilər və hərgiz əqillərinə çatmırdı ki, Şah Abbas qəflətən bir Abbas Məhəmməd oğlu ola. Amma oların cümləsindən iki nəfər dilbəri-xubru ki, xilafi-rizaları ilə şahın hərəmxanəsinə düşmüşdülər, qayət şərm ilə və ahəstə səslə ərz etdilər ki: – Biz padişaha mənkuhə olmuşduq və öz bəxtimizdən və dərəcəmizdən çox xoşnud idik; bu bəxtəvərlikdən mərhum olduq, Abbas Məhəmməd oğluna ərə getməyi qəbul etmirik. Haman saat bu iki nəfər mürəxxəs olundu.Oların birisi gürcü qızı idi ki, Gürcüstan valisi şaha peşkəş göndərmişdi; haman günün sabahısı öz əmisi oğlu ilə tamam cəvahiratın və məlbusatın götürüb, ziyadə pul ilə vətəninə müraciət etdi. Gürcüstanda onun nəqlinə bavər etməiyb belə fərz edirdilər ki, guya o qaçıbdır və istəyirdilər ki, onu geri qaytarsınlar. Amma bilmirəm ki, nə əmr vaqe oldu ki, onu unutdular və bu qız bir cavan gürcüyə ərə gedib axır ömrünədək Gürcüstanda qaldı. O birisi dilbər Qəzvin əhlindən bir tacirin qızı və bir cavan və xoşru oğlana namzəd idi. Xubru olmaq üçün qəflətən şahın dəllallarının çuğulçuluğu ilə atasından mütalibə olunub şahın hərəmxanəsinə daxil olmuşdu; zikr olunan keyfiyyəti öz arzusuna yetişməyə vəsilə bilib atası evinə qayıtdı və namizədinə vasil oldu. Sair hərəmlərin nikahı mücəddədən Abbas Məhəmməd oğluna oxunub xacə Mübarəkə əmr olundu ki, cümləsini haman saat Qəzvinin altıncı küçəsinin başında müəyyən olunan bir evə piyadə götürüb yetirsin, özü dərbari-şahiyə qayıtsın. Sonra Abbas Məhəmməd oğlu hərəmxanədən çıxıb uzaqlaşdı, napədid oldu. Yusif Sərracın dükanı şah məscidinin meydanının məşriq səmtində vaqe idi. Günortadan iki saat keçmişdi. Yusif Sərrac fərizeyi-zöhrü əda edib, oturub, əlində bir cilovu tikib tamam edirdi, çünki müştəri tapşırmışdı ki, gərək o gün hazır ola. Yanında dostlarından iki nəfər dəxi var idi ki, onun söhbətinə qulaq asırdılar. Yusif Sərrac bahalıqdan şikayət edirdi ki, biçarə fəqir kəslər haman il çox iztiraba düşmüşdülər; çünki keçən il nəhayətdə quraqlıq olmaq səbəbilə və Qəzvinin ətrafında suyun qilləti cəhətilə əksəri-məhsulat yanıb əmələ gəlməmişdi. Bu keyfiyyət bahalığa bais olmuşdu. Yusif Sərrac deyirdi: – Təəccüb edirəm bu dövlətdən ki, Qəzvinə su çıxarmaq üçün həzar günə istitaət qüdrəti var, amma belə qəflətdədir ki, əsla bu əmrə mültəfit olmayıb öz rəayasının halına və paytəxtinin rövnəqinə təvəccöh etmir. Bu halda meydanın məğrib səmtindən bulud kimi toz qalxdı. Yusif Sərrac iynəsi əlində başın yuxarı qovzadı, gördü ki, bir əsas peyda oldu və əsla xəyalından keçirmədi ki bu əsas və tədarük onun üçündür. Qabaqda on iki şatır qıvraq geyinmiş, çəharguşə börk başlarında, onların dalısınca on iki ələmdar əlvan ələmlər əllərində, sonra dəsteyi-pişxidmətan ki, birisinin başında bir məcməi var idi. Dəstəyifərraş, əllərində ağac, onların əqəbində miraxur yedəyində birturkmən atı; cəvahir nişan yəhər və əzbab üstündə, mürəssə rəxt başında, mirvarid sinəbənd döşündə, zümrüd qotaz boynunda. Bunlardan sonra mollabaşı və sərdar Zaman xan, vəzir və müstövfü və mövlana Cəmaləddin və münəccimbaşı, üləmayi-giram və sadati-üzam və sair əyan və əşraf və ərbabi-mənasib və bir dəstə piyada və bir dəstə atlı kəmali-şükuh və aram ilə gəlirdilər. Elə ki Yusif Sərracın dükanına bərabər oldular, hamısı dayandı. Mollabaşı və sərdar irəli durub, Yusif Sərraca kürnuş etdilər. Yusif Sərrac ayağa durub təvazö elədi, amma qayət təəccübdə. Sonra Mollabaşı təkəllümə gəlib dedi: – Qəzanın təqdirindən, usta Yusif, bu gün sən bizim padişahımızsan. İranın səltənət təxti bu halda Şah Abbasın vücudundan xalidir. Bizləri sərəfraz və xoşbəxt eləyin, dərbari-şahiyə təşriffərma olun ki, cülusi-hümayun vaqe olsun. Yusif Sərrac kəmali-təhəyyürə düşüb heç bilmədi ki, bu nə vaqiədir. Onun qabağında tamam ərkani-dövlət durmuşdular. Bu sözləri ona Mollabaşı deyirdi ki, İranda bir mətin kimsənə hesab olunurdu. Amma keyfyiyyət bir mərtəbədə qərib idi ki, Yusif Sərrac onu doğru olmağına, bavücudi ki, gözü ilə görürdü, hərgiz etibar edə bilmirdi. Aqibət məqami-cəvaba gəlib dedi: – Mənim məxdumum Mollabaşı, mən cənabınızı İranda mətin adamlardan hesab edirəm, bilmirəm ki, aya dəli olubsunuz, ya bəng atıbsınız ki, bu qəbil sözləri mənim üzümə deyirsiniz. Mən bir fəqir sərrac babayam. Mən hara, təxtü-tac hara? Vallah, mən anlaya bilmirəm ki, sizin bu hərəkətinizi nəyə həml edəm... Mat və heyran qalmışam. Təvəqqei-çakəranə edirəm ki, mənə sataşmayasınız! Sərdar Zaman xan sözə şüru elədi: – Usta Yusif, sən bu saatda qibleyi-aləmsən və biz cümləmiz sənin qulun və səgi-asitanən varıq! Sənə çakəranə bizdən təvəqqə etmək münasib deyil, sən xüsrovanə fərmayiş etməyə şayistəsən! Biz nə dəli olmuşuq və nə bəng atmışıq, cümləmiz əqli-səlim və şüurukamildə varıq, amma hərzəti-barinin təqdirinə təbdil yoxdur. Bu gün külli-İran mülkündə sənin səltənətin müsəlləmdir. Mollabaşının qovluna görə, dərbari-şəhiyə təşrif-fərma olun ki, cülusu-humayun vaqe olsun. Sonra üzün dörd nəfər hazırda olan pişxidmətlərə tutub dedi ki: – Xələti-şahanəni gətirin, qibleyi-aləmi geyindirin! Pişxidmətlər əllərində məcməi ilə ki, içində xələti-şahanə qoyulmuşdu, dükana ayaq basdılar, məcməini yerə qoyub şüru etdilər Yusif Sərracın köhnə paltarını soyundurmağa və xələti-şahanəni ona geydirməyə. Müxalifət bir yana çatmazdı. Yusif Sərrac məqami-təslimdə durdu ki, üqəla öz xahişlərini əmələ gətirsinlər. Elə ki, libas geyinmək tamam oldu, miraxur mürəssə rəxtli atı qabağa çəkdi. Yusif Sərracı mindirdilər ata, əsas qərari-sabiq üzrə dərbari-şahiyə rəvanə oldu. Fərraşların küçələrdə “Berəvid! Berəvid!” səsi hər dəqiqə ərşə dayandı. Tamam əhli-Qəzvin zükurən və ünasən, səğirən və kəbirən pəncərələrə və damlar üstünə çıxıb nəzzarəyə məşğul oldular və keyfiyyətdən müxbir olmadıqları üçün cümləsi heyrətdə qaldı. Dərbari-şahinin qapısnda fərraşlar Yusif Sərracı atdan düşürdülər. Mollabaşı və sərdar Zaman xan qolundan yapışıb kəmali-təzim ilə imarətin otağına daxil etdilər və səltənət təxtinin üstündə oturtdular. Ərkani-dövlət, üləma və sadat, əyan və əşraf və ərbabi-mənasib otağın qabağında səf çəkib əl-əl üstə durdular. Mollabaşı dua oxuyub taci-səltənəti qoydu Yusif Sərracın başına, şəmşir və kəməri-mürəssəini bağladı belinə, cəvahir bazubəndləri asdı qollarından, mükəlləl toppuzu verdi əlinə, genə bir dua oxuyub, üzün xəlqə tutub dedi: – Mübarəkbad edin! Mübarəkbad sədası xalqdan asimanə bülənd oldu və bargahın imarətlərindən əksi təkrar tapdı. Kərrənayi-şadiyanə başlandı çalınmağa. Bu halda sərayi-şahidən göyə bir fişəng buraxdılar. Bu əlamətə görə, şəhərdən xaric qələ toplarından yüz on tir şənlik topu atdılar. Əgərçi Sədi və Hafizdən sonra İranda şeir qayətdə tənəzzülə düşüb şüəranın əşarı küllən biməzmun və məhz puç ləffazlıq olmuşdu, amma genə əlhəmdü-lillah o halda bir neçə nəfər sahibi-cövhər şair peyda oldu ki, bədahətən cülusi-hümayun üçün qəsaidi-qərra inşa edib, Yusif şahın təxtə çıxmağını tərif və özünü hikmətdə – Süleymana, səxavətdə – Hatəmə, şücaətdə – Rüstəmə, qüdrətdə – qəza və qədərə təşbeh eləyib nəzərdən keçirdilər və tarixi-cülusunu nüktəsəncani-Qəzvin belə tapdılar: “Şahi-xuban nəbud Yusifi-ma, Leyk u şahi-mülki-İran şod”. Elə ki, bu əmal tamam oldu, Mollabaşı xalqa elan etdi ki: – Mürəxxəssiniz! Hamı dərbari-şahidən çıxdı, ancaq Yusif şah qaldı təxtin üstündə, qabağında xacə Mübarək, başqa bir neçə xacə ilə və Əzim bəy pişxidmətbaşı və bir neçə pişxidmət və otaqdan dişrə fərraşlar. Yusif şah təhəyyür aləmində fikrə piçidə oldu. Bir neçə dəqiqədən sonra xacə Mübarəkə üzün tutub soruşdu: – Siz kimsiniz? Xacə Mübarək cavab verdi ki: – Bəs sizin çakərani-müxlisiniz; xacəgani-hərəmik, mən buların böyüyü və bular da mənim zirdəstlərimdirlər. Sonra pişxidmətlərə üzün çevirib soruşdu ki: – Siz kimsiniz? Əzim bəy pişxidmətbaşı cavab verdi ki: – Biz sizin kəminə nökərləriniz, pişxidmətlərik, mən buların rəisiyəm, bular da mənə tabedirlər. Yusif şah soruşdu ki: – Bəs o dişqarıda görükənlər kimdir? Əzim bəy cavab verdi ki: – Olar da firqeyi-fərraşdır ki, həmişə xidmət üçün kəmərbəstədirlər. Yusif şah buyurdu ki: – Siz dəxi çölə çıxın. Xacə Mübarək, sənin zirdəstlərin də çölə çıxsınlar, sən qal! Elə ki, hamısı qayib oldu, Yuçif şah xacə Mübarəki yanına çağırıb dedi ki: – Sənin bəşərəndən mən görürəm ki, sən gərək yaxşı adam olasan. Sən allah, mənə söylə görüm ki, bu qəziyyəyə səbəb nədir? Çünki sən həmişə Şah Abbasın əndərununda olubsan, mümkün deyil ki, bu qəziyyə sənə məlum olmasın. Xacə Mübarək vaqiən çox saf və sadiq adam idi. Fikir etdi ki, qibleyi-aləmin sualında həqiqəti gizlətmək cayiz deyil. Çünki həmişə şah Abbas oturan otağın qapısının dalında dururdu ki, çağırılan saat xidmət üçün hazır olsun, ona binaən, keçən gündə vaqe olan güzarişi və ərkani-məşvərətin göftgusunu tamam eşitmişdi, əhvalatdan xəbərdar idi. Qəziyyəni ibtidadan intihayədək Yusif şaha nəql etdi. Yusif şah soruşdu ki: – Bəs Şah Abbas haradadır? Xacə Mübarək cavab verdi ki: – Bir gəda libası ilə müləbbas olub napədid oldu. Məlum deyil ki, hardadır. Yusif şah aqil adam idi. Kəvakibdən onun hərgiz qorxusu yox idi. Ancaq bu növ qeyri-mütəarəf təriq ilə tərəqqi etmək onun ürəyinə bir vəhşət və qorxu salırdı. Nəhayət, bir belə cəmaətin vücudu ilə səltənətdən özünü kənar tutmağa əsla çarə görmədi. Naçar ümuri-səltənətin icrasına iqdam etdi. İbtida fərraşbaşı Əsəd bəyi ehzar elədi: buyurdu ki: – Bu saatda on iki fərraş özünlə götürərsən, gedərsən Mollabaşı Axund Səmədi və sərdar Zaman xanı və vəzir Mirzə Möhsünü və müstövfi Mirzə Yəhyanı və münəccimbaşı Sədrəddin və mövlana Cəmaləddini tutarsan, apararsan salarsan Ərkdə olan zindana, qayıdarsan gələrsən, əncami-fərmayişi mənə ərz elərsən! Əsəd bəy baş vurub rəvanə oldu. Sonra Yusif şah pişxidmətbaşı Əzim bəyi ehzar edib buyurdu ki: – Tapşır, mənə şam hazır etsinlər ki, bu gün bir zad yeməmişəm. Pişxidmətbaşı ərz elədi ki: – Tapşırmışam, aşpazlar şam üçün hazır etməyə məşğuldurlar. Şah buyurdu ki: – Bəs sən və xacə Mübarək gəlin otaqları və hərəmxanəni mənə bir-bir göstərin və məlum edin ki, mənim istirahət otağım hansıdır. Pişxidmətbaşı və xacə Mübarək düşdülər qabağa, bir-bir əndərun otaqlarını göstərməyə şüru etdilər. Əvvəlinci otaqda əlvan fərşlər döşənib, qəribə gül və giyah ilə və quş şəkilləri ilə divarfı və səqfi münəqqəş olmuşdu. İkinci otaq da habelə fərşlə döşənmişdi və divarlarında Səfəviyyə nəslindən vəfat edən padşahların və namdar şahzadələrin təsviri çəkilmişdi. Üçüncü otağın divarlarında İranın sair silsilədən olan padşahlarının timsalı nəqş olunmuşdu. Dördüncü otağın divarlarında Şahnamədə yazılan İranın qədim pəhləvanlarının və Mazəndəran divlərinin surəti yazılmışdı ki, bir-birlərilə cəng edirdilər. Divlər buynuzlu və quyruqlu çəkilmişdi. Beşinci otağın divarlarında Şah İsmayıl Səfəvi ilə sairlərin mabeynində vaqe olan cənglərin surəti rəqəm olunmuşdu. Hərəmxanə otaqlarının cümləsinin divarlarında qız, oğlan şəkli yazılmışdı ki, oğlanlar qızlara gül dəstəsi təarüf edirdilər və qızlar oğlanlara piyalə verirdilər və hər otaqda rəxti-xab hazır idi. Yusif şah hərəmxanə otaqlarının birisini özünün istirahəti üçün müqərrər edib xacə Mübarəkdən soruşdu ki: – Hərəmlərin ziynət otağı hansıdır? Xacə Mübarək ərz elədi ki: – O başdakı otaqdır. Amma ağzı qıfıllıdır. Açarı sandıqdar Ağa Həsəndədir. Şahın buyruğu ilə pişxidmətbaşı haman saat sandıqları hazır etdi. Ziynət otağının qapısnı açdılar, şaha göstərdilər: bu bir böyük otaq idi: içində hər tərəfdən sandıqlar düzülmüş. Sadıqların qapağını götürdülər, qəribə-qəribə ziynət və zivərləri şaha göstərdilər; o cümlədən giranbaha kişmir, şalları, lətif ünas libasları, pakizə ipək parçalar, cəvahiratdan qayrılmış güllər və guşvarələr və üzüklər və mümtaz mivariddən boyunbağılar idi. Yusif şahın üç qızı var idi: böyüyü on dörd yaşında, ortancısı on iki yaşında, kiçiyi səkkiz yaşında və iki oğlu var idi: altı yaşında və dörd yaşında Qızlarının hər birinə bir gül və bir güt guşvarə və bir üzük və bir boyunbağı və bir dəst libas və bir rizayi şal və övrətinə bir dəst libas və bir rizayi şal ayırdı, xacə Mübarəkə təslim etdi, buyurdu ki: – Bunları apararsan Qəzvinin ikinci küçəsində mənim qədimi evimdə övrətimə yetirərsən. Deyərsən ki, mənim cəhətimdən əndişə etməsin, sabah oğlanlarımı hüzura göndərsin. Xacə Mübarək şeyləri iki nəfər fərraşa götürdüb getdi. Bu vaxt gün qürub etdi. Pişxidmətbaşının təklifi ilə şah qayıtdı əvvəlinci otağa. Qızıl şamdanlar yanmışdı. Süfrə döşənmişdi. Şah əvvəl vüzu edib şam və xüftən namazını əda etdi, sonra süfrə üstündə oturdu. Pişxidmətlər rəngarəng təamlar hazır etdilər. Şah yedi, doydu, süfrə yığıldı. Abtaba-ləgən gəldi, şah əlini yudu. Qəhvə gətirdilər, içdi. Qəlyan verdilər, çəkdi. Bu halda fərraşbaşı Əsəd bəy daxil olub fərmayişi bitirdiyini ərz etdi. Şah buyurdu ki: – Çox yaxşı, mürəxxəssən! Sonra xacə Mübarək qayıdıb şeyləri yetirməyini ərz elədi və dedi ki: – Şahın övrəti və qızları göndərilən töhfələrdən qayətdə vəcd etdilər. Nəinki onun cəhətindən əndişə etmirlər, bəlkə bu qəziyeyiqeyri-mütərəqqibədən çox sevinirlər və şadlıqdan tullanıb-düşürlər. Şah övrət-uşağı tərəfindən xatircəm oldu. Xacə Mübarəkdən və pişxidmətbaşıdan bir para əhvalat soruşdu. Gecədən dörd saat keçdi. Ayağa durub xabgahına gəldi; rəxti-xabını saldılar. Pişxidmətbaşıya buyurdu ki: – Qaravul müvəkkillərinə tapşır: qərari-sabiq üzrə hər yerdə qaravul qoysunlar. Sonra rəxti-xabına girib yatdı. Pişxidmətbaşı və xacə Mübarək çıxdılar. Hər birisi öz məqamına getdi. Sabahı gün Yusif şah salam otağına təşrif gətirib Molla Rəməzanı və Qurban bəyi və Mirzə Cəlili və Mirzə Zəkini ki, onun dostlarından idilər və şahın olara hər xüsusda vüsuqu var idi, ehzar elədi, mənsəbimollabaşılığı verdi Molla Rəməzana, sərdarlığı həvalə elədi Qurban bəyə, xanlıq ləqəbilə vəzarəti tapşırdı Mirzə Cəlilə, müstövfiliyi Mirzə Zəkiyə, münəccimbaşılıq mənsəbini bilmərrə mətruk etdi ki, dövlətə və millətə zərərdən başqa bir faydası yox idi. Buyurdu tamam vilayət hakimlərinə elamnamə və hökmi-müəkkəd göndərilsin ki, bu gündən sonra hərgiz cürət etməsinlər ki, biduni-təcvizi-şəri-şərif bir müsəlmanı mövridi-müaxizəyə gətirsinlər və bacarmasınlar ki, məhz həvayi-nəfsləri ilə bir kəsi cərimə edələr və ya qətlə gətirələr və ya burun-qulağın kəsələr, gözün çızardalar və hökmdən əlavə hər vilayətə mötəmid baxıcılar təyin oldu ki, gedib vilayətlərin əhvalından və xalqın həvaicindən xəbərdar olub, gəlib ərz etsinlər. Yusif şah bu baxıcıları hüzura istəiyb dedi ki: – Hakimi vilayətlərə mənim tərəfimdən elam edərsiniz ki, Allahdan qorxsunlar nahaq iş tutmasınlar, xalqı talayıb dağıtmasınlar, rüşvət almasınlar; yəqin bilsinlər ki, bu növ hərəkət axırda oların özlərinin bədbəxtliyinə və həlakətinə bais olur. Olar mükərrər müşahidə ediblər ki, bu növ rəftar ilə dövlət cəm edən kəslər axırda baş veriblər və ya kəmali-bədbəxtliyə və zillətə və məskənətə düşüblər. İranda bu növ ilə cəm olunan dövlətin hərgiz heç bir xanədanda davamı olmayıbdır. Hanı damqanlı Cəfər xanın kürurları? Hanı Səlim xan Qaragözlünün dövləti? Hanı şirazlı Mirzə Nağının əmlakı? Padişahani-İran həmişə vəqta ki, bir sahibi-mənsəbi mülahizə edirlər ki, pul cəm edib sərvətə çatıbdır, haman saat bir bəhanə ilə onu məqami-müaxizəyə gətirirlər, hər nə vardır əlindən alırlar, özün həlak edirlər və ya zillətə və məskənətə salırlar. Bu əmrdə hakimi-vilayətlər şəbihdirlər zəlilərə ki, qan sorub şişdikdə, sahibi oları sıxar, tamam sorduqları Qanı qusarlar. Kimisi bu cəhətdən ölür və kimisi zəif və lağər olur. Fəəmma əgər hakimlər niknəfəs olub və öz həlal rizqlərinə qane olalar, həmişə öz dərəcələrində baqi və xalq nəzərində müəzzəz və səlatin niyyətində mükərrəm olacaqlar və günbəgün rütbələri izdiyad behəm edəcək. Bu sözləri təlqin edəndən sonra şah baxıcıları buraxdı. Sonra buyurdu xirac məbləği mötədil miqdaradək təxfif tapsın və əmr etdi ki, hər yerdə yollar təmir olunsun və lazım məqamlarda və mənzillərdə, körpülər və karvansaralar tikilsin və hər vilayətdə şəfaxanələr qayrılsın və mədrəsələr açılsın və susuz yerlərə su çıxarılsın, dullara və yetimlərə və şillərə və korlara ianət və himayət göstərilsin və vilayətlərdə hər bisərüpa özbaşına özünü üləma silkinə daxil etməsin, bu xüsusda mollabaşıdan icazət istəsinlər və sinfi-üləma hər yerdə xalqın ehtiyacına kifayət edən miqdardan ziyadə olmasın və külli-üləmaya güzəran kifafınca xəzineyi-amirədən vəzifə qərərdad etdi ki, səltənətə möhtac olub ərbabi-mənasibi xidməti-şahidə əhli-zələmə xitab etməsinlər və əmri-mürafiəni ki, səltənətin ümdə ləvazimatındadır, üləmanın əlindən alıb ərbabi-mənasibin süləhasına vagüzar elədi ki, millət mürafiə cəhətindən özlərini üləmaya möhtac görüb ancaq oları mərcə bilməsinlər və səltənətdən uzaq düşməsinlər və buyurdu ki: vücuhi-bərr hər yerdə süləhadan dörd nəfərə müntəqil olub vilayatın füqərasına dəftər üzü ilə sərf olunsun və hesabı divana göstərilsin; ta ki, füqəranın bəzi vücuhi-bərrdən bəhrəyab olub, bəzisi məhrum qalmasın və əmr etdi ki, xüms və imam malı verilməsin ta övladi-rəsuləleyhüssəlam zilləti-sualdan azad olub sair xalq kimi öz kəsbləri ilə vəchi-məişət təhsil etsinlər. Bu xüsusda mötəbər üləma Yusif şaha kütubi-fiqhdən fitvalar çıxardıb göstərdilər. Və vilayətlərə elamnamələr göndərdi ki, bundan sonra bir kimsənə cürət etməsin ki, şaha və ümənayi-dövlətə və çakərani-dərgaha peşkəş versin və payəndaz salsın və heç kəs peşkəş vasitəsilə hökumət tapmağı təmənna etməsin, ancaq öz ixlasını və hüsnixidmətini bu mətləbin təhsilinə vəsilə bilsin və maliyyati-divan hər vilayətdə əmin şəxslərə təslim olunub xəzinə ismilə hər yerdə dursun və məsarifi-səltənət dəftəri üzilə təyin tapıb lazım olan övqatda hər yerin xəzinəsinə həvalə olunsun və rəaya bilkülliyyə həvaləcatiməsarifədən asudəhal qalsınlar. Və dəxi mədaxili-səltənətin izdiyadi üçün qərar qoydu ki, tacirlər və bəyzadələr və xanzadələr və şahzadələr, hətta üləma və sadat və sair sinfi xalq mədaxili-əmlakdan şəhərlərdə ondan bir, dehatda iyirmidən bir xəzinəyə versinlər və qoşun xalqının və əhli-xidmətin məvacibi əsla lavüsul qalmasın ki, səltənətin nəqsidir; bəlkə həmişə vilayət xəzinələrindən bilatəxir mücra olunsun. Və bey və şəra olunan əmlakın qiymətindən dəxi xəzinənin nəfi üçün tümənə beş şahı vəz olunsun və qaideyi-beyü-şəra tərk olunsun ki, tənxah sahibləri bu qaydanın vücudu ilə rəhn alıb borc verməyə mail olmadıqları üçün ərbabi-həvaici müztər edirlər ki, mülk və mallarını ədna qiymətə beyi-şəra etsinlər, bu ümid ilə ki, vədə başında ərbabi-həvaic mülk və mallarının istirdadından aciz olacaqlar. Çün Yusif şah bilirdi ki, miraxur yay fəsli padşahlıq atları yaylağa aparıb bəsləmək bəhanəsi ilə ətraf xalqına çox əziyyət və cəfalar yetirirdi və oları çapırdı, talayırdı və əmiri-topxanə topçuların cümləsinə xəzinədən məvacib götürüb heç birisinə bir həbbə vermirdi və xəzinədar padşahlıq pulun içinə çox qəlb pul qatıb xalqa dağıdırdı və Qəzvin bəylər-bəyisi xalqdan hədsiz rüşvət alırdı və daruğə dövlətlilərə füqəranın müqabilində üz görürdü, kətxudalar Qəzvinin küçələrini natəmiz saxlayırdılar, cümləsini məzul edib, yerlərinə özünə məruf olan şayistə adamlar təyin buyurdu. Mollabaşı Axund Səməd Ərkin zindanında zindanbandan eşitdi ki, onun mənsəbini həmçeşmi Molla Rəməzana veriblər, qüssəsindən ficətən həlak oldu. Yusif şah dəxi əmr etdi ki, Qəzvinin küçələri genəlsin və içində hər yerdə zahir olan quyular örtülsün ki, gəlib-gedənlər olara düşməkdən məhfuz olsunlar və xalqın ərzinə qulaq asmağa və dadına yetişməyə qayda və qərar qoydu və buyurdu ki: Qəzvinin füqərasına bahalıq cəhətilə padşahlıq ambarından buğda verilsin və sahibi-vüquf adamlardan və mahir kənkanlardan bir məclisi-məşvərət bərpa olub Qəzvinə su çıxarmaq üçün göftgu olunsun və tədbir və dəsturüləməl təhrir olunub nəzərə yetişsin. Bu vaxtda Qolland taifəsindən bir parası fars xəlicinin qürbündə bir məhəldə sükna etmişdilər. Bu günlərdə oradan bir elçi əmələsi ilə Qəzvinə varid oldu ki, İran dövləti ilə mabeynlərdə ticarət üçün şürut bağlasınlar. Elçinin əmələsi ilə Yusif şahın hüzuruna yetirdilər. Onun nəvazişatından və əql və fərasətindən və ğaideyi-cahandarlığından elçi və əmələsi vəcd etdilər. Bilkülliyyə məramlarına nail olub tühəf və hədaya ilə mürəxxəs oldular və kəmali-rizaməndlikdə muavidət elədilər. Yusif şahın cülusundan bir həftə keçdi. Hər gün onun həsənatından və ədalətindən növ-növ əlamətlər xalqa zahir olurdu. İran üçün əyyami-firuzluq, əyyamisəadət və iqbal üz verdi. Lakin çifayda, bəninövi-bəşər heç vaxt yaxşı günə dözməz. Bizim babamız Adəmə və anamız Həvvaya cənnətdə nə əksik idi ki, genə Allahın əmrini sındırdılar və cənnətdən qovuldular? İnsan belədir! Əhli-Qəzvin hər gün qələ qapılarından adam şaqqalarını asılmış görmədilər və şah meydanında cəlladların adam şaqqalamaqlarını və dardan asmaqlarını və göz çıxarmaqlarını müşahidə etmədilər. Bu keyfiyyət olara xeyli qərib göründü. Əvvəl dedilər ki: “Görünür bu təzə padşah çox rəhmli və helmli adamdır!” Sonra onun rəhminə və helminə bəhslər varid etdilər. Bunu süstrəyliyə və zəifülmizaclığa həml qıldılar. Bundan əlavə dəxi Yusif şahda hezar gunə özgə eyblər tapdılar. Müxtəsəri-kəlam bir belə ziyadə rəhmli padşahın təhti-əmrində zindəganlıq etmək nəhayət dərəcədə məlal-əfza göründü. Ümənayi-məzul xalqın bu növ niyyətini istinbat etdilər və onu qənimət bilməyə fürsəti fövt etmədilər. Hər birisinin başına şuriş və tuğyan xəyalı düşdü və tezliklə Qəzvində şurişi-əzim bərpa oldu. Şurişin əvvəlimci səbəbi məzul miraxur idi ki, küçədə köhnə xəzinədara rast gəlib, ona yoldaş olub soruşdu: – Sən allah, Mirzə Həbib, de görüm xalq bizim təzə padşahımızın haqqında nə danışır? Mirzə Həbib cavab verdi ki: – Xalqın təzə padşahdan zəhləsi gedir. Onu süstrəy və bikarə bilirlər. Miraxur: – Vallah, Mirzə Həbib, xalq bizdən əqillidir. Doğru deyirlər. Sən allah, bu neçə əhməqlik idi ki, biz elədik? Bir sərraci-birütbəni gətirib özümüzə padşah qayırdıq, başımıza bəla açdıq. Qulluğumuzun və ixlasımızın əvəzində mənsəbimizi də əlimizdən aldı. İndi vilayət içində bir itcə abrumuz yoxdur. Vallah, belə rüsvaylıq olmaz ki, biz tutduq... Xəzinədar: – Məgər biz onu padşah elədik! Şah Abbas belə buyurdu; çarəmiz nə idi? Miraxur: – Xub, Şah Abbas o vaxt padşah idi. Hökmü bizə rəvan idi. İndi ki, Şah Abbas yoxdur aya bizə nə manedir ki, bu məlun və bidini ki, deyirlər tənasüxi məzhəbdir, təxtdən aşağı salaq, tələf edək, sonra Səfəviyyə nəslindən bir şahzadəni təxtə oturdaq ki, bari nəcabətinə görə təxtü-taca səzavar olsun?! Xəzinədar: – Çox yaxşı danışırsan! Bu xüsusda bilkülliyyə mən səninlə müvafiqəm. Amma biz iki adamın əlindən nə gələr? Gedək əmiritopxanənin yanına, onun rəyini dəxi hasil edək. Axı, o da bizim kimi məzullardandır. Hər ikisi getdilər əmiri-topxanənin otağına. Əmiri-topxanə oların gəlməyindən çox xoşhal oldu. Qayət şövq ilə sözlərinə qulaq asdı. Bilkülliyyə olar ilə şuriş xüsusunda müttəfiq olub dedi ki: – Bu iş süvarilərin sərkərdəsi Bağır xanın rizası olmamış sürət tapmaz. Əmiri-topxanə: – Bağır xan mənim ilə çox yeganə dostdur. Mən boynuma çəkirəm ki, onu bu əmrdə özümüzə yoldaş edəm. Ona deyəcəyəm ki, bu bidin Yusif şahın əyyami-səltənində laməhalə bizim başımıza gələn qəziyyə onun da başına gələcək. Vaxt ikən əlacını eləmək gərək. Yəqinimdir ki, bu söz Bağır xana əsər edəcək, çünki dünən səlami-ammdə şah ona qəzəbnak olub sərzəniş edibdir ki, çaxır içib, məst olub, namaz qılmağa, məscidə daxil olubdur. Əgər Bağır xan bu əmrə razı olsa, piyadələrin sərkərdəsi Fərəc xan dəxi razı olacaq. Çünki Fərəc xan Bağır xanın əmisi oğlu və damadıdır. Heç bir əmrdə onun rəyinə müxalifət etməz. Amma siz durun, gedin Qəzvinin köhnə bəylərbəyisinin yanına. Onu dəxi razı edin, boynuna qoyun ki, məzul daruğə və kəndxudalarla bu xüsusda göftgu etməyi və onların rəyini ələ almağı təəhhüd etsin. Müfəttinlər bir-birlərindən ayrıldılar. Hər birisi getdi iş görməyə. Mətləb çox tez hasil oldu. Üç-dörd günün müddətində hamı müntəxəb olunan kəslər göründü və hamısı şurişə meyl və amadəlik göstərdilər. Müfəttinlər qərar qoydular ki: – Şənbə günü sübhdən padşahlıq sarayını əhatə etsinlər və içəri daxil olub Yusif şahı təxtdən yerə salıb həlak eləsinlər. Sonra özlərinə Səfəviyyə nəslindən bir təzə padşah tiksinlər. Müqərrar olunan günün sübh çağında ki, hələ padşahlıq sarayının qapıları açılmamışdı, külli süvari və piyadə tamam müsəlləh onun ətrafını bürüdülər... Yusif şah keyfiyyətdən xəbərdar olub buyurdu ki: – Sarayın qapılarını açmasınlar. Bu günə namünasib hərəkatı Yusif şah mollabaşiyi-sabiq Axund Səmədin, sərdar Zaman xanın və vəzir Mirzə Möhsünün və müstövfi Mirzə Yəhyanın və münəccimbaşının və mövlana Cəmaləddinin tərəfindən ki, əşxasi-sahib qüdrət və aşkara onun bədxahları idilər, mənzur edirdi. Ona binaən cülusunun ibtidasında ehtiyat yolundan lazım bilib oları həbsə saldırdı. Amma məhləkə özgə tərəfdən açıldı. Bu halda Yusif şahın dəxi həvaxahları xəbərdar olub müsəlləh və kəsrət və izdiham ilə sərayi-şahiyə anən-fəanən üz qoymağa başladılar. Müfəttinlər ilə müqabil durub nəsihət və mövizəyə şüru etdilər ki, bu hərəkəti tərk etsinlər; fayda-pəzir olmadı; iş islah və müdaradan keçdi; başladılar bir-birləri ilə atışmağa və cəng etməyə. Qiyamət bərpa oldu. Hər iki tərəfdən baş və candan keçməyə müzayiqə etmədilər. İş atışmaqdan ötüb şəmşir və xəncər ilə bir-birlərinə həmlə etməyə çatdı. Qan su yerinə axdı. Üç saat yarım kəmali-şiddətlə cəng tul tapdı. Hər iki tərəfdə altı min nəfərə qərib həlak və zəxmdar oldu. Aqibət asari-zəf və inkisar Yusif şahın həvahaxları tərəfindən müşahidə olundu; çünki həqnaşinas xalq peydərpey şəhərdən çıxıb, müfəttinlərin dəstəsinə qoşulub kəsrət və qüvvələrinə bais oldular. Ona binaən Yusif şahın həvaxahları şikəst tapıb hər kəs bir növ ilə başın mərəkədən qıraq çəkdi, canın qurtardı. Müfəttinlər hücum edib sarayi-şahinin qapıların sındırdılar, içəri daxil olub Yusif şahı axtardılar, tapmadılar. Yusif şah itkin oldu. Kimi söylədi ki, cəng zamanında öz həvaxahlarının dəstəsinə qoşulub özünün hüzurilə oları cəngə dəlir edirdi, əsnayi-cəngdə məqtul oldu; kimi dedi ki, gizlənib, aralıqdan çıxıb, gözdən İtkin düşdü. Xülasə, məqtulların arasında onun nəşi görünmədi. Fəəmma bir başqa yerdə dəxi bu gündən sonra onu nişan verən olmadı. Müfəttinlər sərayi-şahini qarət etdilər. Oradan çıxıb cühud və erməni küçələrinə aşdılar: hamısının evini dağıdıb tarac etdilər, ənva-ənva biəndazəlik və şərarət əmələ gətirdilər. Gün batdı. Hər kəs öz evinə və mənzilinə qayıtdı. Şuriş və qovqa sakit oldu. Sabahı gün rüəsayi-şuriş tezdən Ərkə rəvanə oldular. Sərdar zaman xanı və vəzir Mirzə Möhsünü və müstövfi Mirzə Yəhyanı və mövlana Cəmaləddini və münəccimbaşını həbsdən çıxardıb, güzarişi nəql edib soruşdular: – İndi Səfəviyyə nəslindən hansı şahzadəni təxtü-taca səzavar görürlər? Mövlana Cəmaləddin dedi ki: – Siz allah, deyin görüm bu gün ayın neçəsidir? Miraxur cavab verdi ki: – Bu gün novruzdan on altı gün keçibdir. Mövlana bəşaşət zahir edib dedi ki: – Dəxi qəm çəkməyin, şuriş dünən vaqe olubdur. Məlumdur ki, afət keçibdir və Səfəviyyə şahzadələrinin heç birisi səltənətə şayistə deyil: tamam kəməndiş və kordurlar. Bir parasını Şah İsmayıl sani kor edibdir, bir parasın Şah Abbas özü: olar məsrəfdən çıxıbdır, bir zada yaramazlar. Bizim padşahımız gənə Şah Abbasdır! Miraxur dedi ki: – Biz onun padşahlığına çox şadıq. Onun dövründə bizim hamımıza çox xoş keçirdi. Çifayda, nə eliyək ki, o təxtü-tacdan əl çəkib gözdən itibdir. İndi bilmirik ki, haradadır. Mövlana güldü, dedi ki: – Onun taxtü-tacdan əl çəkməyinin səbəbi var idi. İndi o səbəb rəf olubdur. Biz bilirik ki, o, harada gizlənibdir. Gedək gətirək, imarətinə yetirək! Hamsı ayağa durub gəldilər Şah Abbas gizlənən evə. Onu oradan çıxardıb yetirdilər sərayi-şahiyə, təxtü-tacına əvvəlki kimi malik oldu. Hər iş qərari sabiq üzrə sürət tapdı, guya ki, heç bir hadisə vaqe olmamışdı. Bu kəvakibin həmaqətinə mən təəccüb edirəm ki, necə bilmədilər iranilər oları aldadırlar? Yusif Sərrac hərgiz İranın şahı deyil idi. İranilər onu hiylə üzündən padşahi-məsnu eləmişdilər. Belə sadəlik olurmu ki, kəvakib özlərini iranilərə aldadıb biçarə və bitəqsir Yusif Sərracı bədbəxt etdilər? Şah Abbası kənar qoyub qırx il sərasər onun səffaqlığına və cəbbarlığına bietina nazir oldular? Şah Abbas cəbbarlığının ədna əlaməti bu idi ki, bir oğlunu öldürdü, ikincisinin dəxi gözünü çıxartdı. Dəxi oğlu yox idi nəvəsi ona varis oldu. Amma kəvakibi və qınamaq [yeri] yoxdur. Şah Abbasın xudişəxsinə nisbətən kəvakibin bir ədavəti yox idi. Olara lazım idi ki, novruzdan on beş gün keçmiş İran səltənətinin təxtindən bir şəxsi aşağı salıb bədbəxt etsinlər. Bu vaxt da İran səltənətinin təxtində oturmuşdu Yusif Sərrac. Ona binaən kəvakib onu aşağı salıb bədbəxt etdilər. Kəvakibin hərgis xəyalından xütur etməzdi ki, iranilər oları aldadacaqlar, padşahi-həqiqinin əvəzinə padşahi-məsnuu oların sədəməsinin altına salacaqlar... Vallah, qəribə əhməqdirlər bu ingilis tayfası ki, belə xətərli millət ilə az qalmışdır cəng başlayalar. * * * Kitabxana.az · https://kitabxana.az/collections/axundzade-murafie-vekillerinin-hekayeti İctimai mülkiyyət (müəllifin vəfat ili: 1878). Public domain (author died 1878). Original text only.