Şeirlər Mirzə Fətəli Axundzadə (1812–1878) Zəmanədən şikayət Fəsad ilə dolu göylər edərkən tərsinə dövran, Tükənməz qəmdən olmuşdu könül-dərdli, ürək-nalan. Şərabım – qanlı göz yaşı, gözün peymanəsi – badəm, Yerim bir külxən olmuşdu, ənisim ah ilə əfqan. Kimə mən üns ilə baxdım, məni təshifi yandırdı. Kimə qəlbimdə yer verdim, məni qovdu kənarından. Kimə mən yar dedim dərhal mənə o döndü nar oldu. Vəfa umdumsa hər kəsdən cəfa etdi mənə hər an. Hər hansı qapını döydüm, məni rədd etdilər dərhal, Haranı mənzil etdimsə, o mənzil oldu bir zindan. Ümidlə baxdığım dostlar mənə xor baxdılar, əfsus!.. Təsəlli axtaran qəlbim buna heç tapmadı imkan. Kimə mən dost dedim, gördüm dönüb öz düşmənim oldu. Kimə mən ram oldumsa, dönüb mar oldu biiman. Həyatdan bunca bezdim ki, gəlib təngə dedim: “ay kaş, Bu dörd ünsür əzəl gündən olaydı xak ilə yeksan”. Ki birdən daxili bir səs dedi: “səhv etmə, ay aqil, Saqın sən, qafil olma, qaç, uzaş bu qəm yuvasından. Məgər bilmirmisən hər kim gedərsə Tiflisə şəksiz Olar hər bir fülusu zər, palazı ətləsi-əlvan. Xüsusilə vəfadarlıq, təvazö, ehtiram, həm də Yaman gündə dada çatmaq oranın şəninə şayan. Yaşar orda bilikli bir fəzilət sahibi alim, Ki, aləm içrə yoxdur heç onun mislində bir insan Hamı ondan qalar razı, hamı didarına mayil, Alar hər kəs kömək ondan, fəqirlər dərdinə dərman, Qədər əmrində bir quldur, fələklər hökmünə tabe. Qəza həqdən gətirmişdir ona qaziliyə fərman. O hər bir sirrə arifdir, sözün yaqutinə sərraf. Biliklərlə dolan qəlbi cahan nur saçır xəndan. Görüşdə Rumidən artıq, məqamı Şəmsdən yüksək, Bilikdə, fənni-hikmətdə böyükdür İbn Sinadan. Onunla Tiflisin xalqı gözəllikdə olub məşhur, Necə gülşəndə gül qədri olar bülbüllə cavidan. Deyəndə incə sözlər, ya fəsahət göstərən dəmdə, Qoyar Səhbanı xiclətdə, edər Xaqanini heyran. Bütün qazilər ondan bil, alarlar təfsirin dərsin, Ona Qaziyyi-Beyzavi olar şagird-əlif, beyxan”. Səbuhinin dili aciz onu vəsf etmək istərkən, Gərəkdir üzbəüz durmaq, sora yazmaq ona dastan, Mənə hatif dedi: “ruhum, yaraşmaz ki, bu idrakla, O cür dildarə çatmaqçın sənə mane ola hicran. Bilik dünyasına hakim, vəfada misli yoxdur heç, Onun idrakı çox yüksək, onun tərifi bipayan”. * * * A.S.Puşkinin ölümünə Şərq poeması Gecə etdim uyqumu kənar, Sordum: “Ey sir çeşməsi-ürəyim, nə var? Nədən ötməz bağçanın şeyda bülbülü, Nədən qılmaz nitqinin tutisi göftar? Şeir yolun, söz yolun yoxsa kəsilmiş. Hanı xəyal qasidin, o yüngül çapar? Yaz gəlmiş; hər tərəfdə çəmən qızları, Bəzənib, camalını etmiş aşikar. Çevrilmiş çayır, çəmən bənöfşəliyə Bağda odlu qönçələr açmış budaqlar. Çöl gəlini bəzənmiş; dağlar onunçün Ətək-ətək çiçəkdən cəvahir saçar. Başını tac qoyub da şükufələrdən, Oturmuş ağacların şahı pürvüqar. Süsən, zanbaq içirlər jalə şərabdan. Lalə qədəhlərində təkrar...təkrar... Göy çəməni yasəmən öylə donatmış, Nərgizin süzgün gözü baxsa qamaşar. Dimdiyində töhfəsi-gül yarpağından – Xoş gəldin, deyə bülbül ötər bəxtiyar. Bəstəkəmər buludlar sular gülşəni. Ətirli dan yelləri olmuş bir əttar. Yumşaq səslərlə quşlar deyir səbzəyə; – Götür torpaq pərdəni üzündən, ey yar! Həpsinin əli dolu, həpsi sevdalı, Bu bazarda nə dürlü məta desən var. Kimi gözəlliyilə cilvə göstərib, Kimi fəğanla eylər eşqini izhar. Keçirməkdə vaxtını şənliklə həpsi, Həpsi qəmdən, qüssədən eyləmiş fərar. Bu şadlıqdan, ey könül, nəsibsiz qalıb, Sənsən ancaq olmayan uyqudan bidar. Ürəyində həvəs yox, başında sevda, Dolaşırsan şöhrətdən, xəyaldan kənar. Söylə, sən haman könül deyilmisən ki, Dür sözlərçin fikirlər bəhrinə cumar. Məna gözəllərindən ötrü yapardın, İnci düzümlərindən zinəti-rüsxar? Bəs məlamət nədir, bu məlal nədir, Nədir varlığa qarşı bunca iğbirar?.. Könlüm dedi: “Ey mənim təklik yoldaşım, Var, get, bir də toxunma hissimə zinhar!.. Çəmən qızları kimi, mən bilməmişdim Yaz yelinin dalınca payız yeli var. Söz atını qovub da, qılınc dilimlə Adından hər tərəfdə çəkəcəyəm car. Bizim axırımız da bəllidir bu gün Bu vəfasız dövrana yoxdur etibar. Ağılsızdır o quş ki, tordan çıxarkən, Danəyçin olur yenə tora giriftar. Bu nə şandır ki, bilməm güclü sədası Səma boşluqlarında şiddətlə gurlar. Başqa xəyal etmə ki, bəllidir, fələk Əhliylə daim eylər tərsinə rəftar. Ey dünyadan xəbərsiz, eşitmədinmi Söz ordusu başçısı Puşkindən əxbar? O Puşkin ki, nüktəyə başlayan zaman Hər bucaqdan qopardı coşğun alqışlar? O Puşkin ki, kağız da qaralanırdı, Qələmi etsin deyə, üstündən güzar? Xəyalı, tavus kibi, bərli-bəzəkli, Sözdən qərib naxışalr eylərdi izhar? Həzm evini süsləyən Lomonovdu. Orda Puşkin xəyalı oldu bərqərar. Derjavin tutmuşdusa sözün mülkünü, Yerində Puşkin oldu nəzmilə muxtar. Camə bilik meyini tökdü Kapamzin Puşkinə qismət oldu o cami-gülnar. Çar kibi, Çindən tutub Tatara qədər Dolaşırdı şöhrəti diyarbədiyar. Şimalın göylərində – Şərq hilalı tək – Barmağı bir işarə eylərdi ixtar. Bu dildə, bu zəkada bir oğul hələ Görməmiş “yeddi” ata, “dörd” ana zinhar. Təəccüblə dinlə ki, böylə valideyn Sərt davranıb, etmədi bu sərtlikdən ar. Onu əcəl oxuna nişan qoyub da, Varlığını eylədi ölüm tarimar. Zülm, qara buludlardan dolu yağdırıb, Tökdü ömür barını etdi xakisar. Söndürdü əcəl yeli çıraq ruhunu. Susqun gecələr kimi, cismi oldu tar. El bağında, əlində sitəm külüngü Cavan belini qırdı zalim ruzigar. İncili mənaların məxzəni bir baş Olmuş ilan məskəni, bir xarabazar. Cisminin yuvasından uçdu can quşu, Böyük, kiçik qəmindən çəkdi ahu-zar. Bülbül, təbinə həmdəm – qönçə könlündən Xəbər verməz torpaqdan baş çıxarsa xar. Rus torpağı yas tutub, fəğan qılır ki. – Ey qatillər əlilə ölən namidar. Qurtulmadın zamanın qanlı şərindən, Tilsimin də olmadı səən həvadar. Sən ki, çıxdın dostların əlindən, buraq, Üstündə haqq rəhməti olsun sayədar. Torpağına saçmağa iki gül ətri, Qopar Baxçasaraydan bir incə rüzgar, Tutulub bu xəbərdən ağ saçlı Qafqaz Səbuhinin şerilə yasını saxlar. * * * Təcnis Əsiriyəm bir dilbərin ki, əgər Xəncərlə şan-şan o yara məni, Visalından bullam həyati-tazə Yəqin bil, öldürməz o yara məni. Əmən məmən neylər cənnətin narın? Düzəxə bənzətməm firqətin narın, Rişteyi-can olmuş telindən narın Dilər eldən: yetir o yara məni. Dərdə kimin vardır mən tək davamı. Eşqin məriziyəm, sən ver dəvamı. Hər aşiqin candır eşqində vamı, Göstərməsin malı o yara məni. Rəqiblərdən gəlləm sənə divanə, Göstərmə rüxsarın sən bu divanə. Yolunda bil hər aqilü divanə. Salsa çətin dağı o yara məni. Ciyərdəndir gözümdən tökdüyüm hər dəm, Atəşi-suzandır çəkdiyim hər dəm, Can quşunu avaz edəndə hər dəm, Oxur zülfündəyəm, o yara məni. * * * Təcnisi-digər Çıxıb gül fəslində seyrə nigarım, Sənalar eylərəm baharü yayə. Doyunca gör qəddin, gözüm, bu qəmlə Ömr çatmaz bir dəxi ilə və ayə. Dedim: dilbər, məndən gəzmə dəxi dur, Yolunda payəndaz baş ilə can dur. Dedi: çün oxşatdın, məndən uzaq dur, Qəmzəmi peykanə, qaşımı yayə. Söylə, səba, yarə, əsib o yana, Olurmu bir əhvalıma o yana, Səhər ki, xabından sərxoş oyana, Bənöfşə tək üzdə telini yayə. Əcəl saqisindən allam peymanə. Vəfa gər etməsən əhdü peymanə, Məsturə tələtin cahan peymanə, Nə nisbəti onun xurşidə, yayə. Sək rəqibin, ya rəb, başına qarə. Baxmasın bir də o sinəsi qarə. Mənə ki, rəhm etməz o bağrı qarə, Oxusan yüz ona hədisü ayə. * * * Mədhiyyə Kapitan İqranoviç haqqında Şahi-şahan imperator, xosrovi-keyvan sərir, Padişahani-cahan olmuş onunçun dəstgir. Ədlilə tutmuş cahanı pərtövi-xurşid tək, Hər kəminə çakəri əflakə qoymuşdur sərir. Qubbeyi-xərgahı doqquz çərxi-minadən keçib, Dadi-məzlumu sütun qalmış ədaləti cərir. Xosrovi-səyyarə baş açmış üfüqdən hər səhər. Asitani-ərş simasında qullar tək həqir. Çadiri-nili çəkib başına çərxi-lacivərd, Türreyi-şəbrəngə vurmuş şanə bu bədri-munir. Bir kənizi-mətbəxi qılmış özün ixlas ilə. Eyləyib cismi-lətifin barıgahında həsir. Yeddi göylər cəbhəsin mina qılıb əncüm belə. Boynuna zəncir salmış kəhkəşandan çərxi-pir. Buqeyi-hər xakə təyin eyləmiş bir sərfəraz. Hər biri İskəndəri-sani cahanda binəzir. Sərhədi-İrana qoymuş kapitan İqranoviç. Çeşmi-gərdun görməmiş devranda bir beylə əmir. Rəşki-firdovsi-bərin qılmış Muğanı sərbəsər, Şahsevən yeksər olubdur xaki-payında əsir. Etməyib dünya qulağına kəlamı tək kəlam, Görməyib çeşmi-fələk bir beylə hüşyarü bəsir. Hər kimin qəlbində bir sirri-nihan olmuş ola. İsiyi-Məryəm kimi əsrarə olmuşdur xəbir. Düşməni-bədxu əyər kəndusuna qarşı dura, Rubəh-asa titrər əzası görüb guya ki, şir. Əncüm-əflakı mühit etmiş cünudi-rus tək. Yer üzün təxsir qılmış ədl ilə Petri-Kər, Navəki-dilduzu şiri-çərxdən pərran keçib, Eylə kim asan keçər kərbasdan qərran tir. Mehri xavər bədri-ənvər çərxi-ətləs, sübhü-şam. Xani-mətbəxxanəsicün dəhr edib iki, fətir. Zakoni-İsanı ehya eyləmişdir necə kim, Eyləyibdir zində ənvatı Məsihullahi-pir. Tövsəni-təbim genə “İqranoviçin mədhini, Xingi-gərdun tək səriusseyr dər-vəqti-məsir. Xidmətində baş açıbdır bir mütərcim sübhü şam, Eylə kim gün qarşısında baş açıb bədri-munir. Adına Mirzə İbadullah deyər əhli-cahan Qaməti xoş xətti dilkeş, yox onunçün bir nəzir. Madəri-gərdun onun tək doğmayıbdır bir cavan. Səfheyi-dövranda yad etməz onun tək dəhr pir, Xətti kağız üstə müşki-Çin təkdir dilfirib, Dudeyi-kilki-lətifi guiya vardır əbir. Mir Fəttah Mir Nizam oğlu sənə məddahdır, Bir kərəm qıl, qoyma qalsın dəhr ara xarü həqir. Zəhməti məhzi-rizayi-həqq üçündür, şah üçün, Eyləməz bir yol təmənna hiç kəsdən bu əmir. Həm mütərcim, həm özü vəqf eyləyib canın şəhə, Gecə-gündüz yatmayıb heç birisi bir ləhzə sir. Çox kəsə cibi-mübarəkdən verir altunü zər, Çoxların fəryadına yetmiş bu qapdan, ey bəsir! * * * Mirzə Fətəlinin şanlı vəliəhd əlahəzrətin tərifinə yazdığı qasidə Ey Gürcüstan torpağı, fəxr et ki, şahlar şahının oğlu, Dəniz və quru üzərində sürətlə və asan səyahət etmişdir. Üzərinə qədəm qoyub sənə yenidən həyat verdi, Hindistan ölkəsi bu gün sənin şöhrətinin həsrətini çəkir. O, indi şimaldan parlayıb zühur etdisə də, Sən, ona dünyanı bəsləyən parlaq günəş de! Şadlığa hazırlaş, hər cür qəmdən azad ol Ki, bu padşah nə Abbasdır, nə də Teymur Kurakandır. Misilsiz həzrətin iltifatından xoşbəxt olan Atasının vəliəhdi, padşahlar taxtının bəzəyidir. Onun iki adaşlarından bütün dünyanı təslim edən birincisi Dünyada yunan xalqının çırağını işıqlandırdı. Onun parlamasının cəlalını artırdı, ona izzət yolu göstərdi, Nə qədər əqilli bir hakim, necə bir başçılar başçısı. Onun başqa adaşı olan mübarək qədəmli, yaxşı əməlli xaqan, Yevropa padşahlarını Napoleondan qurtardı. Öz məmləkətinə əmniyyət, öz işinə bəzək verdi. Onun adı Ənuşirəvanın adı kimi dünya durduqca yaşadı. Ona da o birisi kimi dünyanın adlı-sanlısı olmaq layiqdir, Çünki, Nikolayın Fileqosa qədər sonsuz fərq var, Bu da onun kimi şahlara minnət qoymağa layiqdir. Çünki, bu onun sarayından onun taxtına varisdir. Onun cəlalı üçün bu kifayətdir ki, taleinin humayı Parlaq ayın və günəşin üzərində həmişəlik dövr edir. Ey Gürcüstan torpağı, indi səni bu mübarək üzlü, Dünyanın allahının əmri ilə bu gür şərəfləndirmişdir. Bu allah kölgəsinin kölgəsi altında mütləq qüdrət sahibinin lütfü ilə Çoxlu asayiş və şöhrətlər görəcəksən. Onun dövründə özün üçün bolluq illəri görəcəksən. Onun zamanında illər uzunu xoşbaxt olacaqsan. Sənin könül açan fəzan İrəm bağı olacaqdır. Rum və İran ölkələri həmişə sənin həsrətini çəkəcəklər, Gələcək haqqındakı bu falın həqiqiliyini öz gözümlə görürəm. Bunlar dövlətin rüknü olan Voronsovun barəsində sübut edilmişdir. Onun feyz və ehsan buludundan su içdiyi zamanda, Səxavət çiskini ilə parladığın kimi parlayacaqsan. Sənin cavanların mübarək gününü xatırlarkən, Təşəkkürlə öz can nəqdlərini xidmətində sərf edərlər. Şota Rustaveli və Bisryan xalqının oğulları, Ona gürcü şeirlərində tərif oxuyarlar, Onun dövlətinin həmişə qalmasının arzusu ilə Nəsimi kimi öz sözlərindən onun sarayına töhfələr yetirərlər. * * * Zakirə məktub Qasım bəy, eşitdim yaxın olubsan Xan qızına, axır nədir bu rəftar? Edibsən xubları yüz yol imtahan, Eylərsən onlara yenə etibar? Yeyib otağında şamü nəharın, Kəsdiribsən yasdığının kənarın, Eşidirsən şirin-şirin göftarın, Kişi, sənin, vallah, əcəb işin var! Dediyin qafiyə ona xoş gəlib, Qaçan bəxtin indi sənə tuş gəlib, Sövdalı başına təzə huş gəlib, Təəccüb eylərəm büsyar, büsyar! Səni pərivəşlər salıb bu halə, Döndəriblər əlif qəddini dalə; Çəkərdin onlardan həmişə nalə, Nədir yenə dildə əzbər olub yarlı?! Xan qızı məhvəşdir, bir el, aləm, Məhvəşlər atəşdir, bizik əqli kəm; Yüz il xidmət edə oda bir adəm, Yenə düşən dəmdə ona, bil, yanar. Xudadan isrətəm versin müradın, Yamanlığa hərgiz çəkmərəm adın. Yolunda zəhmətin, rənci-ziyadın, Mən çəkdim, o etdi məni şərmsar. Özgə cəfalarım dursun kənarə, Nə lazım hər birin salmaq şümarə, Xeyr işinə onun mən o diyarə, Şadü xürrəm getdim, qayıtdım bəs xar. O qafiyən mənə çox etdi əsər, Qalmadı könlümdə ondan bir kədər. Növcavandır, təkdir, iyzədi-davər, Eyləsin ömründən onu kamgar. Rəvadırmı çəkə biəsurdü bixab... Bəstəri-möhnətdə bu qədər əzab?! Duayi-xeyrinə eyliyin şitab, Siz də mənim kimi hər leylü nahar. Belə pəriruyun, heç səni tarı, Rəvadırmı qəmdən sola üzarı? Həm xələfdən xal ola kənarı? Olsun ona mövlam yavərü qəmxar? Mənim də var gərçi bir az günahım, Sən get hüzuruna ol üzrxahım, Söylə ki, ey şahım, ey qibləgahım, İncimə, gər etdim şikayət izhar! * * * Zakirə məktub Ey Qasım bəy, əcəb dövranə çatdıq, Mərdə indi olmaz başü can gərək! Qoç igidlər döyüş günü meydanda, Düşməninə qanlar ağladan gərək! Yapalaq osmanlı, bəri bax, kişi, İstəyir yerisin şahbaz yerişi! Sınar pərü balı, pozular işi, Qulluğumuz rusə nümayan gərək. Osmanlıya yoldaş olubdur firəng, Bir də özün sanan dəryada nəhəng. “Edə billik, – derlər, – urus ilə cəng” Belə işə urus şadiman gərək! Kiçik Napolyon da görəcək, bilun, O günü ki, gördü böyük Napolyon! İngilisə əgər biz verməsək un, Onun əhvalına ağlayan gərək! Söz müxtəsər, dünən yetişdi xəbər; İmperator yəni edib müqərrər, Dunay çayın keçib bir bölük əsgər, Ötə-aşa kuhi-Balakan gərək! Bunda şübhə edən gərək ola gic, Aşmadımı əqdəm o dağı Dibiç? Almadımı Ərzrumu Paskeviç? Fəthi-rusə artıq nə bürhan gərək? İndi Qarabağın igidlərinə, Kimdir şücaətdə ola qərinə? Yetişəcək hər biri düşmən sərinə, De ki, baydaq yıxıb, top alan gərək. Köhlən at üstündə, qılınc belində, Meydana üz qoyub tüfəng əlində, Gah sağına xəsmin, gahi solunda, Çıxarda naleyi-əlaman gərək! Doğmamış Qafqazda analar qorxar Bizə döyüş gərək, nə biçin-başaq? Yenə Peterburqa sizlərdən baydaq, Bu il də istərik aparan gərək! * * * Tərifnamə Ey Keyqubad taxtında əyləşən! Şahlığın onda həmişəlik olsun. Mənim bu əməyimə tərəf nəzər sal, Ki, bu mənim sərmayə və xəzinəmdir. Zəmanə şahının astanasına layiq Əgərçi töhfəm çox kiçikdir, Ondan başqa töhfəm yoxdur. Ancaq sədaqətdə heç kəsdən əskik deyiləm. Dünyanın, hadisələri olan bu namədə, Bir şahı sədaqətlə həmişəlik bəyəndim, Ki, İran ondan bəzək tapdı, Bütün işlər intizam və tərtib tapdı. Elə ki, fərmanvericilik taxtına əyləşdi, Öz qəhredici qüvvəsi ilə məmləkətdə fitnə qapısını bağladı. Zirəkliklə gələcəyin fikrini etdi. Ədalət və səxavətlə öz adını diriltdi. Taxta əyləşdiyi vaxtdan, rus padşahı ilə Dostluq rəsmlərini saxlamışdır. Ey şah, bil ki, mənim bu kitabım Sənin gözəl işlərini dünyaya nişan verər. Baxışlarını İranın ətrafına tikərək, O ölkənin xəbərlərini yığaraq, Uca səs ilə dünyaya oxuyar. Nasirəddin çox hörmətli şahdır. Xoşbəxt və mələk sifətli padşahdır. Xasiyyəti ilə tac və taxtı yüksəldən Tədbiri ilə hər işə ki, başlayır, Aydın iradəsini nəzərdə tutur. Ey padşah, sənin məmləkətinin xəbərləri, Sənin işlərini aşkar edir. Həmişə səni tərif edən kitabım Bu yaxşı işdə ondan yardım aldı. Şaha layiq saysız inciləri. Bir üzücü kimi o dənizdən çıxarır, Hər vaxt onları adamlara bağışlayır. Qafqaz ucqarından polyak yurduna qədər, Dünyanı başdan-başa sənin dövründə, Sənin adının şöhrəti ilə doldurur. Bütün bəşər tayfaları bilsinlər ki, Ey ədalətli, sənin bu gözəl dövründə, İran sənin sayəndə nə qədər rahatdır, Ey tac sahibi, bu məsnəvi ilə sənə tərif yazdım. Əgər ki, etibarca Onun qiyməti haqqında lovğalanmağa dəyməz. Ancaq onu səmimi sədaqətimin əlaməti hesab et! Ruslardan bir kiçik şairəm, Həzrətinizə sədaqət bəsləyirəm. Ümidim vardır ki, bu neçə beyt Ki, qaranlıq xatirimdə nəqş bağladı. Şahın mərhəmət günəşinin işığından Ay günəşdən işıqlandığı kimi, işıqlanacaqdır. Səxavətinlə məni də başı uca et! Şadlıq qapısını üzümə aç! Fikri aydın bilicilər nə gözəl demişdir: “Şahların kölgəsi könüldən qəmi aparar!” * * * Müxəmməs Zivər nə səzadır sənə ey dilbəri-ziba! Binəqs yaratmış səni ol xalqi-yekta! Deş bağrını dürdanələrin, boynuna asma! Et vəsməyə sən qaşü qabaq, ey qədi mina! Yum gözünü həm sürmədən, ey gözləri şəhla! Kirşan, sənəma, ayineyi-ruyun edər tar Qoy həsrəti-vəchində ərisin onu zinhar. Gər qazə dəxi meyli-rüxun eyləsə izhar, Tök qanını öz dəstin ilə, ey büti-əyyar! Axır nəçidir vəslini o edə təmənna?! Hüsnün sözü hər firqəyədir türfə fəsanə, Salmış bu zaman mehri-rüxun şölə cəhanə. Döndərdi sənin rəşki-ləbin badəni qanə, Düşsün tora, ya rəb, girə gər zülfünə şanə, Onun nə rəvadır düşə başına bu sövda?! Əngüştərinin gözünə barmaq ola hər dəm, Gər meyl qıla kim ola dəstində mükərrəm, Əlbəttə edərsən kəmərin qamətini xəm, Bundan sora ta edə miyanın həvəsin kəm, Lütfü nəzərin kəsmə vəfadardan əmma! Tiflis müsəxxər sənə, ey düxtəri-tərsa! Aşiqlərinə məbəd olub deyrü kəlisa! Məndən sənə vəsf istədi şıxlı Əli Ağa, Dedim: səni vəsf etməyə manəndi-Məsiha Ruhülqüdüs imdadı gərək nitqi-Məsiha. * * * Cəfərqulu xana Səlam olsun məndən sərkar xana, Mollalardan bir az edim şikayət. Münkirdirlər əhadisə, qurana, Çifaidə gecdir hələ qiyamət! Yetmişəm bulardan qələd cana, Heç birisi yoxdur gələ imana. Görməmişəm belə əsrü zamana, Bular sarı nahəqq etdik siyahət! İstəmənik derlər xətti-cədidi, Əbəs yerə döymə soyuq hədidi, Üştüri-binoxta hərgiz büdidi? Bizlərdə nöqtəsiz olmaz kitabət! Qəzəb etsin tanrı belə millətə! Rəva deyil bular girə cənnətə, Nə vacibə qail, nə də sünnətə, Görməsinlər peyğəmbərdən şəfaət!.. Biri söylər: “Nədir bu nuni-səğir? Lazım deyil bizə nə zəbər, nə zir! Yazacağıq elə begiri Bəkir! Sən ha çığır-bağır elə məlamət!” Bir neçəsi üzdə müsəddiq olur, Qaib olur məndən, münafiq olur. Mirzə Əli ancaq ki, sadiq olur, Yerdə qalan cümlə tapır zəlalət! Bilmirəm ki, nədir bu işə çarə! Gəlimmi mən Qarabağa dübarə? Olmasa gər xandan cüzi işarə, Əlifbey sarıdan olmanam rahət! * * * Cəfərqulu xana Hacı qulu səndən, ey taci-sərim, Ziyadə-ziyadə xürrəm olubdur! Söz veribdir sizə Qruzenştern, Poçotniklik işi möhkəm olubdur. Dünən güzar etmiş idi bu yana, Çox söhbət eylədi Süleyman xana, Guya bu müjdədən olub divana, Papaq və saqqalı püfnəm olubdur. Həmişə sizlərdən eylərdi qeybət, Deyərdi, verməzsiz qədrinə qiymət. Hanı onda indi əvvəlki halət? Bir əcaib məddah adəm olubdur! Bundan əqdəm on put qədri həlviyat, Mir Pəncəyə sizdən olubdur sövqat. Döşüyəndə Hacı qutuya qat-qat, Nisfindən artıcaq, bil, kəm olubdur! Dedi: “Gərçi etdim onda bu işi, İndi dəyişmişəm belə rəvişi. Mən olmuşam xana ixlaslı kişi, Köhnə niyyətlərim bərhəm olubdur”. Pənah xan nəslindən dəxi bir adəm, Tövbə etdi, aldatmayam dəmadəm. Haciyi-möhtərəm, ey qibləgahəm, Guya İbrahimi-Ədhəm olubdur! Bundan belə olsun sizə bəşarət, Hacı olub indi əhli-kəramət. Gərək ola ona hər yerdə hörmət, Cənabi-dövlətdən əkrəm olubdur! Qruzenşternə sizdən bir namə, Gərəkdir yazıla, yetə əncamə. Yəqindir yetirir işin itmamə, Zəxminə vədəsi mərhəm olubdur! * * * Cəfərqulu xana məktub Səbəb nədir kim, yazdığım kağıza, Heç cavab yetişməz bizim diyara? Lütfi-xan kəm olub yəqin ki, məndən, Əyləşib könlümə bir belə qara. Oturub eylərəm fikir hər zaman: Nə üçün bir kağız yazmaz mənə xan? Yəqin ki, bizlərdən olmuş bədgüman, Kəsildi yol, belə bağlandı ara. Lazım olmuş mənə kim, yazım əhval, Nə gunə keçinir keyfiyyəti-hal. Əvvəl ki, qar tutub dağı salbəsal Taqətdən düşübdür həm malü qara. Başımıza gəldi dağda gör nə iş: Gecə-gündüz yağır peydərpey yağış. Bilmək olmaz yazdır, ya payız, ya qış, Nahaq qaldıq bu il həsrət bahara. Anlayıbsınız ki, bu xalqın pis işi, Qoymayacaq gəlsin çəyirtkə quşi, Öyrətdiniz molla oxusun daşı, Tufan salsın şəhrə, çölə, dağlara. İkinci təqərrür olunan xidmət, İnşallah düzəlir, gər olsa fürsət. Qalaya gələndə eylərik söhbət, Etdiyim əməllər olur aşkara... Sındırdın balın və pərin Cəmalın, Çıxartdın əlindən yerin Cəmalın. Bir işə salıbsan sərin Cəmalın, Əlinizdən məgər ölə, qurtara!.. Bu yerdən ötəri, bir para əhval, Xidmətinə yazıb etmişəm irsal, Cavabını tez yazdırıb yola sal, Bu iş də düzəlsin var ikən çara. * * * Çeşmə kitabəsi Bir əcəb çeşmə Əlaiddin rəvan etmiş idi, Məscidi-Batum civarində nəziri-səlsəbil. Yandı üstündə onun pəh-pəh əcayib sayəban, Hüsni-əxlaqilə məmduhu kərəmdə biədil Yəni Zünnureyn həm namı olur Şövqi ləqəb, Şimdi Lazistanadır qaimməqami-bibədil, Səlsəbil Osmani, Şövqiyə inayət eyləyə, Cənnətül-məvadə fərda həzrəti-rəbbi-cəlil. İstəsən ol sayəban tarixi məlumun ola, Misrəi-rabidəki üç kəlmədən al ey aqil! Yazdı bu tarixi türfə şerini Fəthi-Əli Müntəzirkən vapora Batumdadır ayəndə yil. * * * Səidə xitab Səida, nuri-çeşmim, bir nəsihət daxı məndən al! Ülumə sərfi-səy et, bulhəvəslik yoluna varma! Oxu türkü ərəb, fürsü firəng dillərini öyrən, Tələb et hüsni-inşanı və hüsni-xətti axtarma! Müqəffavü müsəccə yazmağı bilmərrə tərk eylə, Kəlamın vazeh olsun, mətləbi təkrar ilə yazma! Təkəllümdə və vəz ilə sölərsən mətləbi sadə, Şu vəzi hini-təhrirində daxı yaddan aparma! * * * Fuad paşanın mədhində Hər tərəfdən əhli-islamə bu gün təbşirdir. Kim Suleyman şahə Asəfvəş vəzirü mirdir. Şükr lillah ali-Osman dövlətində bu zaman, Zinət əfzayi-sədarət sədri-pur-tədbirdir. Şöhrətin tutmuş cahanı, əqldə, həm elmdə, Zikr xeyrin, Asəfa, məzkuri-bürna, pirdir. Çünki bilmiş xosrovi-zimərhəmət bu əsrdə, Məmləkət hifzində rəyin behtər əz-şəmşirdir, İntixab etmiş səni bu rütbeyi-üzmayə ol, Müsliminə bu səadət həqqdən təqdirdir. Mən dəxi ümmidvaram bu səadətdən olam, Bəhrəyab, əmma muradım xaric əz-təqrirdir. Qeyrəti-İslamdan məmlu könül birlə bu dəm, Üz çevirdim dərgəhüzə, zuddur ya dirdir. Siz bilirsiniz dəftər içrə ərzimi şərh etmişəm. Sədri-dövran əmri övsafında zu təsirdir. Qıl himayət sən dəxi Fəthi-Əliyə necə kim, Fatihi-Xeybər sənə hamiyyü dəstgirdir. * * * Yeni əlifba haqqında mənzumə Bu daimi olmayan dünyada mənim ömrüm, Həsrət və qüssə ilə başa çatdı. Vətən sevgisi üzündən, Çox tədbirlərə əl atdım. Ancaq səyim bir nəticə vermədi, Bu əsrdə bir könül sahibi görmədim. Türklərin və İran torpağını böyükləri Hamısı Çin xalqı kimi yatmışdılar. Cavanlığım getdi, qüvvəm puç oldu, Zövqlü və ehtiraslı bir cavan görmədim. Dəniz yolu ilə Ruma səfər etdim, Yeni əlifbanı o ölkədə Bütün dövlət başçılarına göstərdim. Xəyalım çiy deyildi, çox pişkin idi. Birər-birər mənə “Yüz sağ ol!”dedilər. Dünya gözümdə behişt bağına döndü, Mənə böyük cəlal düzəltdilər, Şaha layiq peşkəşlərlə əzizlədilər. Dünya muradımca idi, fələk mehribandı. O dəqiqədə səadət mənimlə həmnəfəsdi. Birdən bir sarı üzlü kişicik Mənim arzu piyalama zəhər damızdırdı. Onun vəzirlərin yanına yolu vardı, Məni dinin və dövlətin düşməni kimi qələmə verdi. O natəmiz kişi, bu ittiham ilə, Məni hər kəsin yanında xatırlayırdı. O, türkləri dəhşətə saldı, Dövlət şurası başçılarını qorxutdu. “Onillik zəhmətim onun sayəsində heç oldu, Yerdən sızıltımı göy eşitdi. Pak Allah mənim köməyimə çatsın, Qiyamətdə ondan mənim qisasımı alsın”. Eşitdim ki, onun atası uşaqlıqda, Qəzvində üzü tüksüzlərdən biri imiş. O ay üzlü bir çox illər uzunu, Hamamlarda kisə çəkən olubmuş, Azadə şahənşahın dövründə Heyif ki, bir... vəzir olmuşdur, Ey İran cəmaəti, layiq deyil ki, Məfulun birisi belə fəal olsun! Çarəsiz Rum torpağından qayıtdım, Orda qalmaq mənim üçün uğursuz idi, Bu nəticəsiz gedib gəlmək haqqında, Oradan Tehrana xəbər göndərdim. Elmlər vəzirinin adına yoldan, Ürəksevən bir məktub yazdım, Yeni əlifbanı ona nişan verdim, Onun üçün behiştə yeni qapı açdım. Bilmirəm onun himmətimi alçaq idi, Ya o, gecə-gündüz sərxoş idi, Bu vəzir mənə cavab vermədi, Məqsədim üçün əl tutmadı. Başqa bir vəzir də dodaqlarını tərpətmişdi. Bu məsələ haqqında öz fikrini demişdi Ki, biz İran xalqı kiçikdən böyüyə qədər, Atəşpərəstdən, xristiandan, farsdan türkə qədər, Hamımız zirək və mərifət sahibləriyik. Zəka üzündən həmişə fikirdəyik. Yazının çətinliyindən qorxumuz yoxdur, Çala-çuxurdan çıxmaq üçün, korlara yol göstərən lazımdır. Heç kəsdən yeni yazı qəbul etmərik. Bizim öz yazımız və öz fikrimiz kifayətdir. Sonra bu fikri ilə güvənmişdi, Əlinin içi ilə saqqalını tumarlamışdı. O məclisdə sıra ilə oturanların hamısı Ona demişdi: “Sağ ol, ey fikir deyən! Doğru sözünə min afərin olsun, Hikmətdə sənə heç kəs bərabər ola bilməz, Qəlbin işıqlıdır, sözün sağlamdır, Onu rədd etmək üçün Ərəstu belə cavab tapmaz”. Təəssüf ki, gözəl xasiyyətli şahənşahın Vəzirlərin axmaqlığından xəbəri yoxdur, Heyif ki, fərasətli və huşlu şahənşah Heyvərələrin işindən sakit oturur. Heyif ki, ədalətli hökm verən Bu əlifbanı başdan-başa görmədi, Heyif ki, onun parlaq dövründə Abırlı bir vəzir görmədik. Hamısı töməkar, hünərsiz, ağılsızdırlar, Kim onların adını yaxşılıqla çəkər? Hərçənd onun dövrünün başlanğıcında Şərqdə İldırım kimi bir vəzir parladı, Ancaq o, ruslar ölkəsində vəzirlik edən Boris kimi bir vəzir idi. Bütün işləri şahın qarışacağı olmadan gördüyü üçün, Ömrü Boris kimi zay oldu. Bu rəmzi bu padşah anlarsa Onun ömrü günəş və ay kimi olsun. Ki, dövlət millətin pərəstarı olmalıdır. Millət dövlətin pərəstarı olmamalıdır. Ey Keyqubadın taxtında əyləşən, Onun üzərində şahlığın daimi olsun! Eşitdinmi ki, rus ölkəsində, Himmətlə, qeyrətlə, namusla Aleksandr rus millətinə nə yaxşılıq etdi Ad çıxarmaqda dünyada kişi oldu. Eşitdinmi, ki, Palmertson Britaniyalılar üçün nələr etdi? Sən Vilhelmi, O ağıllı, elm sahibi kralı eşitdinmi? Zəhmət və çalışmaqdan bir an belə rahatlanmır, Ona görə də dövründə mülkü behişt kimidir. Sən Bismarkı eşitdinmi Ki, başını göylərə yüksəltdi. Onun fikrindən nə cür tədbirlər baş verdi? Vətəni uğrunda müharibə etdi. Eşitdinmi ki, inişil, Haribaldi Öz ay üzlü arvadı ilə Nə kimi cəsarətli müharibələr etdi, Vətənini yadlardan təmizlədi. Hər yerdə ki, o döyüşlə məşğul idi. Arvadı arxasında ona kömək idi. Sən Linkolnu, Canını millətə necə qurban etdiyini eşitdinmi? Tyeri eşidibsənmi ki, indi Onun ömründən səksən il keçir. Vətəni üçün həmişə kədərlidir, O, pul və rahatlıq qayğısında deyildir. Ey padşah, vəzirlərin nə etmişlər? Onların işinə özün şahid ol! Vəzirlərin nöqsansız bir iş görməmişlər, Onlar gah qarınlarının dərdindədirlər, gah kisələrinin. Elə isə onlar bir arpaya dəyməzlər. Ey şahlar şahı, onları qapından qov! Elmli, düşəncəli vəzirlər axtar, Nəcabəti burax, bacarıq axtar Ki, məmləkətə yenə bəzəklə İstədiyin qədər bəzənsin. Yeni əlifbanı işə salsınlar. Xoşbaxtlıq ağacını meyvələndirsinlər. (əziz dostum ruhulqüdsə xitab) Çox şikayət etdim, söz uzandı, Vaz keçdim, bir daha səni görməyəcəyəm. Bu işi, bu zəhməti və əziyyəti başa çatdırmağı Gələcək nəslə tapşırdım. * * * Həcvi-Əbdürrəsul xan Dünən İranın paytaxtından Araq düşkünü, pərişan bir qoca gəldi; Nəcabətdə əllaf nəvəsi olub, Həbənnəqə kimi axmağın biri idi. Dedi: “Firəngistana dövlət məmuruyam.” Allaha and olsun, bu xəbərdən yanıb töküldüm! Əliağa, mənə bir içim su ver Ki, yanğım dəf olsun! Ay üzlü gürcü qızını O axmaq öpmək istədi, O saat araqdan onu qusmaq tutdu. Gücü çatdıqca ağzından O qızın üstünə... Təsadüfən yağlı mərək yemişdi. Qız tez ayağa qalxaraq dedi: “Sənə yüz dəfə Allahın lənəti gəlsin.” Tiflisdən o ayaqyalın, Müxtəsərcə deyim ki, çılpaq getdi. Dedi: “Mən soyuqdan qorxmuram! Mən nə bürüncək alacağam, nə də xəz dərisi.” Ey Əliağa, nə səvab olar ki, Ona bir arxalıq göndərəsən! Qafiyə dar gəldi, yoxsa mən Onu çox layiqincə çullardım. * * * Molla Əli Molla Əli, sənə olsun mübarək. Şairliyin “qul uhiyə təbarək”* “Ya əyyühəl müzəmmilü müdsir”** Qənim olsun sənə bəndeyi-kafir. Sənsən bu gün kəffarətül kafirun, Unudubsan “və iləyhi türcəun*** İşpiyonluq binasını qoyubsan, Şeytani-məridə əcəb uyubsan. Məndən xudavəndə qeybət edirsən, Özün guya sabah Həccə gedirsən. Paşa qətlin, balam, şəhri-Nəcəfdə, Mənmi dandım, yoxsa sən, keçən həftə? Şamaxıda neftin küpdən daşmağın Seyid Hüseyn ayağından başmağın Çıxardıban ayaq yalın bir dəstə Mürid ilə gedib haman küp üstə, Öz sarığın neftə bulaşdırmağın, Mənmi dandım, yoxsa sən, ey süxənçin? Sən deyildin məgər karvansarada Çirağbanə mane olub orada Xalqa deyən: bica sərf etməyin pul, Bu işlərdən olmaz xeyirli bir yol? Neçün olmaz, balam, getdin meraca Peyğəmbər eylədi fərz hüccaca. Onun ərşdən dar durur yolu, Çirağbandan neçün olmur bir pulu? Sənin fikrin budur ki, xəlqi-tarı, Yol tapsınlar ancaq üz həccə sarı. Xeyr ilə nəhsi qoy məqamə, balam, Sən get, bir də Ağa Rəsul, vəssalam! * * * Yenə insü cin arasında bu nə qarışıqlıqdır?! Sanki, mərsiyəxanın yemindən bir-iki batman əskikdir. Onun pul üçün etdiyi fəryad, bizim dünyada, Sur çalınmadan göyün ən yüksək qatına çatmışdır. Eyvay, pul istəiyr. Ona görə də indi Dünyanın hər yerində şuluqluqdur. Onun təməkarlığından tək biz fəğan etmirik. Bütün mələklərin başı qəm dizindədir. Bir tərəfdən qıtlıq və aclıq, Bir tərəfdən molla həyəcan salmışdır, – iş hər yerdə pozğundur. Hər ölkədə, xüsusən, bəla ilə dolu İranda, Bu dilənçi adətli tayfanın əlindən yasdır. O dünyada bir dəfə qiyamət olar. Bu tayfanın üzündən bizə hər məhərrəm ayı qiyamətdir * * * Onların təqlidi, elmi bərbad etdi. Ax, bu təqlidə iki yüz lənət olsun! Cəhaləti ictihad bizim qapımza gətirdi, Ey ağıllı, ictihaddan qaç! Dünyanın bütün bu qorxusu və qovğası, Bütün iranlıların ixtilafları, Həm təqliddəndir, həm ictihaddan. Sinəmizi çak edib, hər ikisindən dad çəkirik. Təqlid etmək bizə eyb olsun, Xüsusi ilə eşşək təbiətli (hud)un təqlidi. * * * Mən ad və şöhrət axtararaq Behiştin hurisindən vaz keçdim. ** Nə üçün hər gün “vəzəvvicni” oxuyursan? Çətin ki, huridən kam alasan. Mən könlümü çərən-pərənə bağlamadım; Namaz və orucun əziyyətindən zəhləm gedir. Mərifət aləminə qədəm qoy! Bu sənin üçün huriyə çatmaqdan yaxşıdır. O, ağıllıların ruhunun ləzzətidir. Bu, cahillərin nəfsinin ləzzətidir. * * * Şahmat oyunu haqqında Biri şah, biri vəzir və ikisi fildir, İki at və iki qala şaha kəfildir. İrəlidə gedən piyada ikinci səfdədir, Altı və iki (yəni səkkiz xanə) ədədin hər biri şaha dəlildir. Altmış dörd xanəlik şahmat oyunu məclisi, Cümləsi ağ və qara rəngdədir. Şah bir xanədən artıq sıçraya bilməz, İrəliyə və geriyə qilü qalsız hərəkət edər. Vəzirin hərəkəti həm düz və həm də çəp olur. Onun meydanı geniş və uzundur. Fillərin hərəkəti daima çəp olar. Qalalar isə onların əksinə hərəkət edərlər. At iki xanədən artıq irəliləyə bilməz, Həmişə düz gedib yan tərəfə dönər – onun hərəkəti belədir. Müxalifi qarşısında görüncə Bunların hər biri ona əzrayıl olar. Piyada tək addımla düz hərəkət edər, Öz hərifi ilə yanaşı olduqda mütləq vurular. Əgər düşmənin sahəsini keçərsə Cəlallı vəzir olar. Əgər şah köməksiz və tək qalarsa Düşmən ona hücuma keçər. O artıq əsirdir, sən şahı mat say, Çünki onun ölüm günüdür! * * * Vanda Müsəlmanlar! Orda-burda az danışın yalanı, Gəlin həqqi unutmayın, insaf eyləyin bir az! Deyirsiniz – çoxdan keçmiş xariqələr zamanı Peyğəmbərlən sonra bir də möcüzələr yaranmaz – Bu sözlərə kim ananar, bir əfsanədir bunlar, Öz fikrimi isbat üçün mənim dəlillələrim var: Yetmiş altıncı illərdə Polşadan gələn kimi Tiflisə bir günəş doğdu, bu möcüzə deyilmi? Cavab versin burdan axan, dünya görmüş dəli Kür, Bugünə tək kim Tiflisdə iki günəş görmüşdür? Adı Vanda, özü mələk, yanaqları nar kimi, Onaltıncı baharında yetişdi bahar kimi. Qızın mehriban atası bir mötəbər kişidir, Onun əziz xatirini hamı sevir, istəyir. Göyün odlu günəşinə çox baxanlar kor olur Lakin, bu yer günəşindən zəif gözlər nur alır. Vaxt olur ki, günün üzü buludlarla örtülür, Ancaq, mənim günəşimin üzü açıqdır, gülür. Kopernik də söyləmişdi günəş daim sabitdir, Lakin, Vanda dövr eyləyir, könüllərə can verir. Hansı cənnət mələyində belə kamal, camal var, Hansı cənnət hurisində bu gözəllik tapılar? Mələklərə tay etmərəm bu füsunkar dilbəri, Listi çala bilərmi heç behiştin huriləri? Mələklər heç bilirlərmi ayrı-ayrı dilləri? Görün necə dil bilir bu yer üzünün ülkəri. Heç mələklər oxumuşmu müxtəlif kitabları? Görün necə oxumuşdur Polşanın füsunkarı. Köləliyi ləğv etdilər vuruşaraq gürcülər. Bu qılınclar, bu qırğınlar, heyf vermədi səmər – Vanda Kürün kənarında maral kimi gəzərkən Bir baxışla gürcüləri əsir etdi yenidən. Səbuhi ki, əyilməzdi şahların qabağında. Gözəlliyə əsir oldu bu ixtiyar çağında... Vandaya can sağlığıdır şairin təmənnası Qoy onunla fəxr eləsin xoşbəxt ata-anası. * * * Hekayəti-Seyyid Ələm Səlyani Səlyanda var idi bir Seyyid Ələm, Ələmdən olmuşdu mərdi-möhtərəm. Yəni məhərrəmdə ələm gəzdirib, Hər adamın üstə onu süzdürüb, Deyirdi: “Var nəzrin sənin, ey adəm! Sənə sarı gəlməz bisəbəb ələm”. Kimdir ki, olmasın ömründə nəzri? Heç kimin olmazdı ona bir üzri; Çıxardıb cibindən bir manat hər kəs, Deyirdi Seyyidə “Al, get, səsin kəs!” Xalqa, nəzir vermək guya bac idi, Lakin Seyyid genə elə ac idi. Yalan ilə qəni olmaz bir kimsə, Tatar ola, firəng ola, ya nemsə. Borc edərdi Seyyid hər il sərasər, Borcuna olurdu axırda münkər. Bir əttara məqruz idi on tümən, Vədə başı inkar eylədi birdən. Əttar onu çəkdi qazı yanına, Neyləsin, salmışdı atəş canına. Dedi: “Qazi, insaf elə, dad elə, Peyğəmbəri, imamları yad elə! Bu Seyyidə mən yaxşılıq eylədim, ** Bildim ki, doğrudur “limən əhsəntüm”, On tümən pulumu eyləyir inkar, Üzündə nə şərmi, nə həyası var”. Qazi dedi: “Seyyid, nədir cavabın? Belə deyür kişi: qıfıllı babın!” Seyyid dedi: “Ey qaziyi-mötəmən, Heç görübsən məni tərafedə sən?” Adil imiş qazi, xeyli baməzə, İstədi Seyyidin bir burnun əzə. Dedi: “Çox görmüşəm, sual nə hacət? Cavab istər səndən kişi bu saət”. Seyyid dedi: “Haçan? Bu necə sözdür?” Qazi dedi: “Gecə deyil, gündüzdür!” Mehrini sən boşadığın xanıma, Vermirdin, gəlmədinmi yanıma, Tərafe etməyə, ağayi-əkrəm? Söz müxtəsər: “Olmadınmı sən mülzəm?” Seyyid dedi: “Yaxşı kəsdin sözümü, Bundan başqa heç görübsən üzümü?” Qazi dedi: “Çox görmüşəm, ay ağa! Niyə unudubsan, deyilsən çağa! Bir də Mirzə Rəhim səni, ey məxdum, Gətirmişdi şərə, üzünü gördüm, Bağ nəqlində; uzun olmasın kəlam, Bağ yetişdi ona sən oldun nakam”. Seyyid dedi: “Yaxşı, dəxi başqa yol, Heç görübsən?” Qazi dedi: “Sakit ol! Bir də qamış davasında keçən il, Gəmiçilər ilə edib qalü-qil, Gəlmiş idin şərə, utanmaz kişi! Mola Əkbər dəxi bilir bu işi”. Seyyid dedi: “Dəxi bəsdir, ey qazi! Çox gəlmişəm şərə zəmani-mazi, Demişəmmi aya hərgiz bir yalan Mən ömrümdə? İndi bu mən, bu Quran!” Qazi dedi: “Seyyid, etmə hərarət! Çəkərsən sözündən özün xəcalət. Nə lazımdır bu iddiayə qəsəm? Yalanına sənin şahiddir ələm. Yalan deyən adəm deyər ahəstə, Ya örtülü, ya da gizlin, ya pəstə. Ələm ilə sən deyirsən yalanı, Belə yalan deməz kürdi-kolanı! Deyərsən aşikar xalqa, ey zalim, Bilin ələm olur hər qeybə alim. Yalan deyil məgər, bu söz nainsaf? Bəsdir dəxi vurma sədaqətdən laf!” Seyyid qəmgin başın aşağı saldı, Aciz olub lap quruyub mat qaldı. Rəhm eylədi qazi onun halına, Müddəiyə dedi: “Xüms malına, Hesab elə tələbini eysandır, Bağışla Seyyidə, çox natəvandır”. Əttar qəbul etdi qazinin sözün, Haman saat yumdu pulundan gözün. Seyyid Ələm oldu çox şadü-xürrəm, Xüsusən ki, tez yetişdi mühərrəm. Yox idi ona heç başqa bir peşə, Düşdü yalançılıq təzədən işə. Seyyid olan adəm yalançı olur, Yalançı yox, bəlkə dilənçi olur. Çünki, bipeşədir cəmii sadat, Edərlər iddia kəşfi-kəramat. Biri deyər: “Mən sahibi-nəfəsəm, Duası müstəcab olan bir kəsəm” Biri deyər: “Ocağıma hər naçaq, Gəlsə, tapar səfa, olur sappasaq”. Yalan ilə daim keçər günləri, Zillətdədir onlar hicrətdən bəri. Çəngiz dedi: “Əqdəm beş-altı yüz il, Məhəmməd eləyib övladın zəlil”. Seyyid olma, canım, olma müftəxor! Xalqın gözündə ol şirin, olma şor! Tap bir mürşid, salma nəzər kövneynə, Tərəqqi eylə, çat qabi-qövseynə! Sən unqasən, cismin qəfəsdir, Qəfəs içrə artıq qalmağın bəsdir. Sən özünü bilmə bir cürmi-əsqər, Gizlənqibdir səndə Aləmi-əkbər. Anla, nədir “fəna”, bax bir balayə, Seyr et üruc eylə ərşi-əlayə. Görəcəksən onda firavan dərya, Biləcəksən kimdir Fironü Musa. Bir qətrədir o dəryadan hər biri, Havaya cəzb olmuş, boş qalmış yeri. Seyr eyləyib bulud içrə bir zaman, Övd edəcək genə o dəryaya, qan! Cümlə Firon, Musa, Əli ya Ömər, Bir qətrədir o dəryadan müxtəsər. Müşəxxəsdir Ömər qətrə halında Müəyyəndir Əli öz məqalında. Təəyyünün rəfin eyləsən isbat, Hər ikisi onda olacaq bir zat. * * * “Ey zahidi-bizövq o məscid ki, sənin var” Ey zahidi-bizövq o məscid ki, sənin var, Olsaydı mənim, mən onu meyxanə edərdim. Minbər yerinə bir neçə peymanə düzərdim, Mehrab içini mütrübə kaşanə edərdim. Vaiz yerinə tar nəvazədə qoyardım, Taət yerinə cilvəyi-məstanə edərdim, Rəqs eylərdim məscid ara səcdə yerinə, Eşq atəşinə özümü pərvanə edərdim. Hər şamü səhər badəyi-gülgün içərdim, Nərdi əvəzi-səbhəyi-səddanə edərdim. Yüz nəğmə ilə ğülğülə əflakə, salardım, Min tənə o dəm qarei-Quranə edərdim. Yüz sən kimi cahilləri zahid belə yerdə, Bir sağəri-səhba ilə fərzanə edərdim. * * * Kitabxana.az · https://kitabxana.az/collections/axundzade-seirler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1878). Public domain (author died 1878). Original text only.