Tənqid risaləsi və məktublar Mirzə Fətəli Axundzadə (1812–1878) Mərhum xaqan Məhəmməd şah Qacarın Herat səfərində Quriyanın mühasirəsinin zikri “Elə ki, şöhrəti İskəndər şöhrətinə bərabər olan xaqan həzrətləri Quriyanın mühasirə və zəbt edilməsinə qəti hökm verdi, dünyanı lərzəyə salan ordu şə’banəl-müəzzəmin onunda dağ və səhraya meydanı təng etdi; bir aləm rəngbərəng çadır və alaçıq quruldu. Quriyanın xarici, Qəzneynin və Qurun daxilindən abad oldu. Cəsarətli adamlardan bə’ziləri qalanın üstünə çıxdılar; qalasındıran və bürcyıxan güllələrin zərbindən aşağı düşdülər. Quriyanın ətrafını şəhər alan əmirlər və igid sərhənglər arasında böldülər. Mübarək topxanaya əmirlik edən və bu rütbədə tam müstəqil olan şahsevən Həbibullah xan Əliquluxan oğlu Quriyanın şimal tərəfində yerləşdi və bu sahə ona tapşırıldı. Şəhərin cənub tərəfi iki şəqaqlı dəstənin sərtibi “Bəhadiri-cəng” ləqəbli Hacı xan Qarabağiyə məxsus oldu; qərb tərəfi, tünkabinli Vəli xan Gilaniyə, firuzkuhlu Məhəmməd Hüseyn xan Ərcüməndiyə, Səvadkuhi və Bəndapey dəstələrinə və Mazəndaran sərkərdələrinə tapşırıldı. Şərq tərəfi isə, Əmiri-tuman Məhəmməd xan İrəvaniyə və onun adamlarına yetişdi. Dörd tərəfindən lağım və murçal qazımağa başladılar. Qaladakılar hasarın möhkəmliyinə və Herat hökmranının köməyinə arxalanıb baş girləyirdilər. Onlar özülün havada olduğundan və o möhkəm binanın ən yaxın zamanda dağılacağından qafildirlər. On gün ərzində lağım və murçal işləri qurtardı. Fələk cəlallı Şahənşah qalanın alınmasına hökm verdi. Ümman kimi dalğalanan dəstələr ətrafından hərəkətə gəldilər. Təbil, şeypur, kəranay və şəndəfin səsi dağlara, daşlara əks etdi və qalaya dəyən topun gurultusu yer üzünə vəlvələ saldı. Bürclərin lağımlarını barıt, neft, ağac və odunla doldurdular ki, od gücünə uçurtsunlar və xəndəyin suyunu boşaldıb torpaqla doldurdular ki, onun üstündən keçsinlər. Dağdələn top güllələrinin arasıkəsilməz zərbələrindən bürclər və qalanın divarları titrədib şikəst tapdı və daş partladan qumbaraların zərbindən bircə divar da yerində qalmadı”. – Limüəllifihi... F ə t ə l i – Rzaquluxan, Allah rizasına, qoy görək qalanı necə alırlar, sənin şe’rini oxumaq məqamı deyil. Başqa bir vaxt oxuyaram. R z a q u l u x a n – Qəribə xasiyyətin var, nə üçün mənim şe’rimi oxumursan? F ə t ə l i – Qardaş, mən ki şe’r divanı oxumuram, mən tarix oxuyuram. Qoy görüm nə etdilər? Sən Allah, məndən əl çək, öz şe’rinlə hisslərimi pərişan etmə. Əhvalat xatirimdən çıxdı. R z a q u l u x a n – Sən şe’rin dimağa fərəh verməsini danırsan? Bu nə əqidədir ki, şe’ri hissləri pərişan etməyə səbəb bilirsən? F ə t ə l i – Baba, mən demədim ki, şe’r hər yerdə hisslərin pərişanlığına səbəb olur. Onu oxumağı burada lazım görmürəm: ordu hər tərəfdən hücum etməkdədir, indicə qalanı alacaqlar, ürək döyünməkdədir, sən də “Limüəllifihi” çomağı ilə başımın üstündə dayanıb, tələb edirsən ki, əvvəl mənim şe’rimi oxu, sonra ordunun halına tamaşa et! Rzaquluxan, bu böyük zülmdür. Vallah, mən əhd eləyirəm ki, bundan sonra sənin şe’rlər divanını bütünlüklə oxuyam. Məgər mən bilmirəm ki, sən həm tarixçi, həm də şairsən? Amma indi qoy mətləbə gələk. R z a q u l u x a n – Oxumalısan! Qoymaram! Mən zəhmət çəkib şe’r demişəm və onu tarixə daxil etmişəm, sən mənim şe’rimi necə oxumaya bilərsən! F ə t ə l i – Rzaquluxan, axı sənə kim dedi ki, şe’r deyəsən və onu tarixə daxil edəsən? Tarixdə şe’rə heç bir lüzum yoxdur. Vallah, səhv edibsən. R z a q u l u x a n – Çox danışma. sən özün səhv edirsən, oxu! F ə t ə l i – Yaxamı nə üçün tutubsan? Yaxşı, burax oxuyum, Vallah, oxuyacağam, inan! R z a q u l u x a n – Yox, yalan deyirsən, oxumaq istəmirsən. Gözlərindən oxuyuram ki, sən mənim şe’rimdən vaz keçmək, sözün mabə’dini izləmək istəyirsən. F ə t ə l i – Vallah, yalan demirəm. Vəqta ki, çarəm yoxdur, nə üçün oxumayım?! Oxumasam ki, məni buraxmayacaqsan. Amma ümidvaram ki, sənin şe’rinin məzmunu heç olmazsa mətləbə aid olacaq. Yəqin ki, sən sərbazların filan bürcdən yürüş etdiklərini və atların filan qala qapısından içəri girdiklərini yazmısan. Bax, oxuyuram: Bu nədir? Mərrix kimdir? Qalanın işi necə oldu? İnsaf elə, Rzaquluxan, qalan beytlərinin oxumaqdan məni bağışla, taqətim yoxdur. İstəyirsən öldür. Hər nə istəyirsən elə, amma özün zərər görəcəksən. R z a q u l u x a n – Nədən zərər görəcəyəm? F ə t ə l i – Məsələn, mənim az-çox ağlım var, məzacı sağlam və bədəncə də nöqsansızam. Əgər məni, öz şe’rini oxumağa məcbur eləsən, naxoşlaram, o vaxt sənin dediyin “mülki-əqim” kəlamının mə’nası mənim üçün üstüörtülü qalar. Bu sənə zərər deyilmi? R z a q u l u x a n – Mən bunu harada demişəm? F ə t ə l i – Məgər yadından çıxıb? Axır, Sahibqiran xaqan Fətəlişah həzrətlərinin taxta çıxmasının ikinci, ya üçüncü ilində sən belə yazıbsan: Bu dövrün hadisələrindən biri də Cəmşid cəlallı padşah həzrətlərinin qardaşı şahzadə İkinci Hüseynqulu xanın üsyanıdır ki, naçar bu barədə yazılacaqdır; ta “Əlmülki-əqimin” mə’nası sağlam məzaclı ağıllıların fikrincə nöqsansız, valeh və ondan sonra layih olsun. R z a q u l u x a n – Mən burada məzmunu nəzərə almamışam, məqsədim qafiyə olmuşdur. Yoxsa xəstə məzaclı ağıllılar da “mülkiəqimin” mə’nasını anlaya bilər. Əgər sən xəstə olsan da, az-çox ağıllı olduğundan onun mə’nasını anlayacaqsan. F ə t ə l i – Hə!.. Qafiyə xatirəsi üçün belə yazıbsan? İndi anladım. Yaxşı, Rzaquluxan, nə lazım gəlir ki, sən məzmunu nəzərə almadan, yalnız qafiyə xatirəsi üçün bu qədər artıq ləfzləri öz yazında caiz görürsən? R z a q u l u x a n – Bu yerdən başqa, mən harada məzmunu nəzərə almadan qafiyə xatirəsi üçün artıq ləfzləri caiz bilmişəm? F ə t ə l i – Məsələn, Ə’zəm xan Əfğanın oğlu Məhəmməd xanın Nərmaşir və Bəmdəki üsyanını zikr edərkən deyirsən: “Qacar sərdarının gəlməsi haqqında şayiəni eşitcək Məhəmməd xan Bəmi boşaltdı, zir naləsi ilə Nərmaşir yolunu tutdu”. R z a q u l u x a n – Sən anlamırsan. Bu, məzmundan xali deyildir. Nalə ola bilər ki, bəm olsun, ola bilər ki, zir olsun. Bu halda Məhəmməd xan Bəmdən zir naləsi ilə qaçırdı ki, Nərmaşir ilə qafiyə düzəlsin; bir də “bəm” və “zir” ləfzləri tənasübünün artıqlığı haradadır? F ə t ə l i – Afərin, Rzaquluxan, həqiqətdə mən bu nüktələrdən xəbərdar olmamışam. Bu kəlam başqa münasibətlərdən dəxi xali deyildir; çünki “zir” ləfzi bə’zən məq’əd mə’nasında da gəlir. Necə ki, Şeyx Sə’di rəhmətüllah buyurur: Mə’lumdur ki, Məhəmmədxan qaçarkən nə vəziyyətdə idi. Bağışla, burada mən səhv etdim. Adam səhvsiz olmaz. Bəs başqa yerdəkilərə nə deyirsən ki, yazmısan: “Ş a h z a d ə M ə h ə m m ə d V ə l i M i r - z ə n i n y a r d ı m ı i l ə İ r a n q o ş u n u n u n s ə r ə x s t ü r k m ə n l ə r i i l ə m ü b a r i z ə s i n i n z i k r i. Bu işarələrin tövzihi və bu ibarələrin tənqihi odur ki”. “Tövzihin” işarəti mə’lumdur. Əgər “tənqihi” ibarəti lüzumsuz deyilsə və qafiyə xatirəsi üçün gəlməmişsə, pəs bu nə olan şeydir? Sizin mürşidiniz Mirzə Mehdi xan Astrabadi belə hallarda ancaq bu sözlərin izahını yazır. O da: “Bu məqalın tövzihi və bu sifalın tənqihi odur ki...” deməyi bacarırdı. R z a q u l u x a n – Xa, xa, xa... əcəb savadsızsan. “Tənqihi in sifal” nə deməkdir?.. F ə t ə l i – Rzaquluxan, nə üçün gülürsən? Məndən nə hərəkət baş verdi ki, sənin gülməyinə bais oldu? Məgər günah oldu ki, mən də bir qafiyəli kəlam söylədim? Pəs nə üçün başqaları deyirlər? R z a q u l u x a n – Söz bunda deyil. F ə t ə l i – Pəs söz nədədir? Məgər “sifal”, “məqal”a qafiyə ola bilməz? R z a q u l u x a n – Qafiyə ola bilər, amma mə’nası yoxdur. F ə t ə l i – Rzaquluxan, “tənqih” sözü ibarətlərə şamil ola bildiyi halda, “sifal” sözü daha yaxşı şamil ola bilər. Necə mə’nası yoxdur? İxtiyarın var, istəyirsən bu münaqişəni üçüncü şəxsə həvalə edək, bizim aramızda həkəm olsun. Əgər sənin sözün təsdiq olunsa, mən məğlub olaram və əgər mənim sözümü təsdiq eləsə, sən məğlub olacaqsan. Rzaquluxan, inan ki, nəsrdə qafiyə kəlamı çiy edir və zəiflədir. Bu qayda bizə ərəblərdən qalmışdır, səkkiz yüz ilə yaxındır ki, İranda işlədilməkdədir; lakin mütləq səhvdir. İndi bu qaydanı tərk etməyimizin və uşaqcasına işdən əl çəkməyimizin vaxtıdır, çünki qafiyə xatirinə mütəradif ləfzlər və çoxlu təkrarlar əmələ gəlir, gərəksiz mə’nalar meydana çıxır, kəlamın aydınlığı itir, məcazlar ondan nifrət edir və əsər şöhrət qazanmır. Necə ki, “Tarixi-Vəssaf” və “Dürrə” şöhrət qazanmadılar. Sən kitabın axırında işarə edibsən ki, biri dövlət tarixini səc’lə yazır. De ki, boş yerə zəhmət çəkməsin, heç kəs oxumayacaqdır. Mənim əqidəmə görə sən də öz tarixini çox yerdə səc’lə yazmışsan. R z a q u l u x a n – Niyə böhtan deyirsən? Mən harada səc’lə yazmışam? F ə t ə l i – Böhtan deyil, məsələn, İkinci Hüseynqulu xanın üsyanı haqqında yazmamışsanmı ki: Bu, səc’lə yazı deyilmi? Çünki mənim özümün bu növ şeylərə bir o qədər bələdliyim yoxdur, səndən soruşuram. R z a q u l u x a n – Bir az oxşayışı var. Amma, Mirzə Fətəli, bə’zi şeyləri sən artırmısan. Mən o qədər yazmamışam və bundan əlavə, kəlmələri də rəbtsiz etmisən. F ə t ə l i – Rəbtləndirmək asandır. Sən deyirsən ki, bə’zi şeyləri mən artırmışam. Əlbəttə, lazım oldu, artırdım. R z a q u l u x a n – “Gürg-müşt” və “yuz-püşt”ün nə mə’nası var ki, deyirsən? F ə t ə l i – Burada məzmunu deyil, tənasüb və qafiyəni nəzərdə tutmuşam, “gürg” ilə “yuz”un münasibəti var və onlardan sonra “müşt” ilə “püşt” də bir-biri ilə həmqafiyədir və həm də çox qəşəng qafiyədir. R z a q u l u x a n – Sən artırdıqlarının heç bir lüzumu yoxdur. F ə t ə l i – Bu halda sənin yazdıqların bir o qədər artıqdır; məsələn, başqa yerlərdə tarixlə heç bir əlaqəsi olmayan bə’zi çətin və artıq mətləblər yazıb oxucunun və katibin zəhmətinə səbəb olmusan. R z a q u l u x a n – Nə deyirsən, mən harada çətin, artıq mətləblər yazmışam? F ə t ə l i – Məsələn, Nadir Mirzənin işinin axırında ki, onun həyatı sona çatır, – sən yazmısan: “Əql və nəqlə müvafiq olaraq təqas və təlafi hiss əlamətlərində mənsusdur və bu mə’na bərahini-şər’iyyə və əxbari-həqiqiyyə ilə mənsusdur. Allah gec tutar, ancaq bərk tutar. Süvər və əsmanın təğyirində xalq həqaiq və müsəmmadan qafil düşər. Bu işarətlərin təhqiqi tarix üsuluna müxalif deyil. Söz yox ki, müxalifdir. Bəlkə bunlar maarifin dəqaiqindən və tarixnəvisliyin nükıtandandır. Əgər bildiyimiz kimi, bə’zi təlafi və tənafinin zikrini irəli sürsək, bu mübahisəni görənlər irad edərlər və bizim yazımızı mütədavil şəkildə qəbul etməzlər”. F ə t ə l i – Şeyx Bəhainin cəbr-müqabiləsini anlamaq sənin bu müqəddəməni anlamaqdan asandır. Sənin nə məqsəd güddüyünü və nə demək istədiyini ancaq Allah bilir. “Dər əvalimi hiss məhsusəst” nə olan şeydir? Və “təğyiri-süvərü əsma” deyəndə nəyi nəzərdə tutubsan? Bu hansı “süvərü əsma”dır? “Həqiqət və müsəmmadan” bəhs etməkdə məqsədin nədir? Bəli, tənasüx əhlinin və hindulərin əqidəsincə bu ləfzlərə mə’na vermək olar; amma şəriətcə qətiyyən mümkün deyildir. Şəriətin adını niyə burada çəkmisən? Məgər şəriət bu növ qisası caiz sayır? Nadir Mirzənin atasının babası xəta etmişdir, nəvəsindən nə üçün qisas alınsın? Pəs nə deməkdir? Bundan sonra sən məni zahirə inananlardan say! Qorxum yoxdur. Sən özün özünü xalqın məzəmmət oxlarına hədəf edibsən. Belə ki, sən burada fərasət ilə anlamısan ki, sənin bu təsəvvüratını qəbul etməyəcəklər. Çox yaxşı edibsən ki, biz oxucuların halına rəhm edib hələ bildiyin bə’zi təlafi və təkafi haqqında nüktəçilik etməmisən. Əgər Allah eləməsin, o “bə’ziləri” haqqında dəxi nüktəçilik etsəydin, o vaxt onları anlamaqda biz biçarələrin işi daha pis olardı. Hər əqidə ilə olursa olsun, tarixdə bu növ mətləblərə əl vurmaq caiz deyildir, xüsusən məzmun səhih olmadıqda. Tarixçiyə yalnız hadisələri yazmaq vacibdir. Sən başqa yerdə hərdənbir məzmunun səhihliyinə mültəfiq olmursan. Məsələn, Darulfünun rəisliyi haqqında nəql edərkən deyirsən ki: “Şahənşahın günəş işıqlı rə’yinə mə’lum idi ki, gənclərin gənclərə məhkum olması yaramaz; gənclər mücərrəb və mühəzzəb qocaya tapşırılmalıdırlar ki, əmanətin vüfuru və dəyanətin zühuru və meylin qilləti və zeylin iffəti və rə’yin diqqəti və qəlbin riqqəti və ə’raqın yaxşılığı və əxlaqın gözəlliyi ilə mövsuf və mə’ruf olsun; taki, nəcib əmirlərin əziz övladlarına atacasına tərbiyə versin və hər birinin sadə təbiətini və saf tinətini məvaddi-rəzilənin ixlatından və sifəti-xəbisənin irtibatından hifz etsin. Və bu yaxınlarda mən bəndə, səkkiz ay sürən uzaq Xarəzm səfərindən əzm və həzmlə Şahənşahın asitanını öpməyə qayıtmışdım. Ona baxmayaraq ki, insafən mən bu gözəl sifətlərin heç birinə malik deyildim, İran Şahənşahı həzrətləri mövhibət və məkrəmət məqsədi ilə bu naqabil qoca qulu, bu böyük xidmətə qabil bilib padşah hüzuruna çağırdı və Darülfünun rəisliyinə göndərdi”. Əmanət və dəyanətin, qilləti-meyl və iffəti-zeyl və diqqəti-rə’y və riqqəti-qəlb və teybi-ə’raq və əxlaqın ziddi, xəyanət və dinsizlik və kəsrəti-meyl və ədəmi iffəti-zeyl və süstiyi-rə’y və səxtiyi-qəlb və xübsi-ə’raq və sui-əxlaqdır. Sən iqrar edirsən ki, insafən bu gözəl sifətlərdən heç biri səndə yoxdur. Onda pəs nə olsun? İnsan iki haldan xali deyildir: o ya gözəl sifətlərə malik olur, ya da pis sifətlərə. Orta yoxdur. Səndə gözəl sifətlər olmadan Darülfünunu sənə tapşırdılar. Onda pis haradan mə’lum olur ki, Şahənşah Darülfünun rəisliyini gözəl sifətlərə malik olan bir şəxsə vermək istəyirdi!? Deyəcəksən ki, mən təvazö’dən ötrü belə demişəm. Aya, heç eşitmisən ki, bir adam təvazö’dən ötrü “mən xainəm və dinsizəm” desin? Məzmun doğru deyildir; düzgün fikirləş! Bu mühavirələri Tehran qəzeti idarəsinə göndərib, mə’lum edirəm ki, bu qaydaya Avropada əməl olunur və onun böyük faydaları vardır; məsələn: bir şəxs bir kitab yazdığı zaman, başqa bir şəxs onun əsərinin mətləbləri xüsusunda kritika yazır, bu şərtlə ki, onun yazısında müəllif haqqında ədəbsiz və könülə dəyən bir söz belə olmasın. Hər nə deyilsə, incəliklə deyilsin. Bu işi “kritika”, fransız istilahı ilə “kritik” adlandırırlar. Müəllif ona cavab verir. Ondan sonra üçüncü bir şəxs meydana çıxır, ya müəllifin cavabını təsdiq edir, ya da kritika yazanın fikrini üstün tutur. Bu işin nəticəsi budur ki, get-gedə nəzm və nəsr, inşa və təsnif bütün Avropa xalqlarının dilində səlasət qazanır və mümkün qədər cəmi nöqsanlardan təmizlənir. Müəlliflər və şairlər öz vəzifələri və təklifləri haqqında tamam xəbərdarlıq alırlar. Əgər Tehran qəzeti vasitəsi ilə bu qayda İranda tətbiq olunarsa, hər halda İran əhalisinin gələcək nəslinin Şərq dillərini bilmələri işinin tərəqqisinə səbəb olacaqdır. Xüsusən bu qaydadan sonra, hal-hazırda məzsunsuz və duzsuz deyilən və heç bir faydası olmayan qəzəl və qəsidələr düzəltməkdən əl çəkərək Firdövsinin “Şahnamə”si, Şeyx Sə’dinin “Bustan”ı və onlar kimi məsnəvi tərzində müxtəlif xalqların əhval və adətini bildirən hekayəli şe’r deməyə başlayacaqlar və nəsrdə də qafiyədən və uşaqcasına mübaliğələrdən və əbləhcəsinə təşbihlərdən bütünlüklə çəkinəcəklər; ancaq rəğbətli məzmun arxasınca gedəcəklər. Elə bir məzmun ki, oxucu ondan həzz alsın və qulaq asan ləzzət aparsın və müəllif bunun sayəsində ad qazansın. Belə ki, məzmun gözəl olduqda, kritika əvəzinə hər tərəfdən onun haqqında tə’rifnamələr göndərəcəklər; çünki gözəl məzmun tapmaq, Allah vergisi olan təb’in xüsusiyyətlərindəndir, amma qafiyə düzəltmək, başqa sənətlər kimi, öyrənilə bilən bir işdir. İndi qoy Rzaquluxan mənim göndərdiklərimə qəzetdə cavab yazsın və ondan sonra üçüncü bir şəxs bizim aramızda həkəm olsun. Mayor Mirzə Fətəli Axundzadə Rəbiüləvvəl 2, 1279-cu il Qocur yaylağı – Tiflis * * * Babilik əqidələri Vacibül-vücud xüsusunda Babın e’tiqadı belədir ki, həqiqi yaradıcı, kainatı yaradan günəş kimi nuri-mütləqdən ibarətdir və onun nuru növi-bəşərdən olan məxluqatın bə’zi fərdlərində hər zaman özünü göstərə bilər. O halda işığın özünü göstərmə yeri olan o cisim, vacibül-vücuda nisbətlə məzhərdir; yə’ni bir aynadır ki, günəşin nuru onu işıqlandırmışdır. Bu halda məzhərdən və aynadan hər nə baş versə, günəşdən əmələ gəlmiş hökmündədir. Seyid Əli Məhəmməd Bab günəş işığının məzhəri və aynası idi; onun cisminin zavalından sonra, başqa məhzərlər meydana çıxdı. Molla Hüseyn Buşrəvi, Molla Məhəmməd Əli Zəncani, Seyyid Yəhya və Qürrətül-eyn kimi. Bunlar bir-birinin ardınca gələrək, hər biri Babın dininə rəvac vermiş və onu mükəmməlləşdirmişlər. Onlardan sonra məzhər və ayna hal-hazırda yaşayan Mirzə Hüseynəli Mazəndəranidir. Onun da cismi zaval tapdıqdan sonra sonsuz bir zamanədək yenə başqa məzhərlər ortaya çıxacaq və Ərz kürəsi heç vaxt məzhərsiz qalmayacaqdır. Zahirən Babın dinini tərcih etməsi nəzərə çarpan, ancaq onun əqidələrindən mükəmməl mə’lumatı olmayan və özü də elm əhlindən olmayan Mərdi-Səyyahın dediklərindən mə’lum olduğu üzrə, Bab öz əqidələri haqqında ərəb və fars dillərində “Bəyan” adlı bir kitab yazmış və tamamilə islam dinini ləğv etmişdir. Onun hər bir hökmü islam dininin hökmlərinə ziddir. Məsələn: B i r i n c i: Kişi üç arvad ala bilər. Qardaşı qızını, bacısı qızını arvadlığa qəbul etmək mümkün hesab edilir. Lakin kişi, öz bacısını və öz anasını da məcus kimi özünə arvad edə bilər, ya yox məsələsini bilmədiyini Mərdi-Səyyah e’tiraf etmişdir. İ k i n c i: Qur’anda olan “hicab” ayəsi Babın “Bəyan”ında tamamilə aradan qaldırılmışdır, ancaq bir fərq ilə; yə’ni qadın tayfası babilərdən olan öz dindaşlarına qarşı daima üzüaçıq olmalıdır, lakin yadlara qarşı, yə’ni öz dinlərinə yad olanlara qarşı örtülü olmalıdır. Ü ç ü n c ü: “Bəyan”da içki içmək caizdir. Amma bu günün imam və hüccəti Mirzə Hüseynəli içki içməyə razılıq vermir, yə’ni içməyi yaxşı saymır. Lakin onların haram olmasına açıq hökm verməyibdir. D ö r d ü n c ü: “Bəyan”da bütün yeyiləcək şeylər halaldır, hətta donuz, it və bu kimi şeylər. Və hər kəsin ürəyi nəyi istəsə yeyə bilər. B e ş i n c i: “Bəyan”da yazılan Babın əqidəsinə görə, əşyadan heç birinə murdarlıq hökmü vermək olmaz, bəlkə hər şey pakdır. Amma bə’zi şeylərdən onların çirk və üfunətinə görə çəkinmək lazımdır. A l t ı n c ı: Sidik və nəcis rədd olunan yerini yumaq nəcasətlə bulaşdığı üçün deyil, təmizlik nöqteyi-nəzərindən gözəl işdir. Qüsl və dəstəmaz da murdarlığı təmizləmək üçün vacib olduğundan deyil, təmizlik və nəzafət cəhətindən bəyənilmiş işdir. Y e d d i n c i: Arvadlı bir kişi, başqa bir qadınla zina edərsə, o vaxt onun arvadının da başqa bir kişi ilə zina etməsinə izin verilir. Hər halda zina edən kişi ilə zina edən qadının razılığı şərtdir; icbari zina haramdır. S ə k k i z i n c i: Nikahlı olmayan qadınlar və subay kişilər öz nəfslərinin vəkilləridirlər. Onlar hər iki tərəfin razılığı ilə cinsi yaxınlıq edə bilərlər və aralarında siğeyi-müt’ə oxumaq lazım deyildir. D o q q u z u n c u: Bütün yer üzünün səltənəti məzhər və hüccətihəyy sayılan varlığa məxsusdur. Əhali arasında onun hökmlərini icra etmək və insanları insaf və ədalətə uyğun və bərabərlik qanununa müvafiq idarə eləmək üçün onun tərəfindən vəkillər tə’yin olunacaqdır. O n u n c u: Ruh var olan bir şeydir; lakin gözlə görünməz. Əgər birisi Babın dininə daxil olursa, onun əqidələri haqqında mə’lumat əldə edərsə və onu bəyənərsə, öldükdən sonra onun ruhu yerə məxsus cismin zərfiyyəti olmadan “isbata” daxil olur; “isbat” isə bəyənilmişlərin pak məqamıdır ki, orada ruh şüurdan, cismin behiştdə yeyinti və içkilərdən aldığı həzzdən daha yüksək bir həzz alacaqdır. Lakin əgər bir kimsə Babın dinini qəbul etməyib cəhalət və qəflət içində ölərsə, ruhlu münkirlərin ruhlarının məqamı olan “nəfy”ə daxil olacaq və bu qaranlıq məqamda o vaxtadək dolaşacaqdır ki, başqa bir dövrdə və yaxud müxtəlif dövrlərdə yenə də bu aləmə qayıda və haqqı anlayaraq “isbata” daxil ola. O n b i r i n c i: Babın dinində oruc, namaz, xüms, zəkat və həcc kimi bütün əməllər onun tabe’lərindən saqitdir. Amma Şirazda Bab Seyyid Əli Məhəmmədin doğulduğu yeri ziyarət etmək onun varlı peyrəvləri üçün vacibdir və bu ev babilərin qibləsi sayılmaqdadır. O n i k i n c i: Adam öldürməyi və xalqın malını oğurlamağı Bab haram etmişdir. Onun dinində cihad da yoxdur; amma babilərə əziyyət verən şəxslərə qarşı müdafiəni vacib bilir. Zəncanda Molla Məhəmmədəlinin, Mazəndəranda Molla Hüseyn Buşrəvinin müharibələri müdafiə məqsədi ilə olmuşdur. Eyni surətdə uşaqları tərbiyə etmək üçün onları çubuqla döymək haramdır. Hər kəs öz fitrətinin təqazasına görə tərbiyə alacaqdır. Çubuqla döymək onların əhvalında can, əql və ürək zərərindən başqa heç bir fayda ilə nəticələnməz. O n ü ç ü n c ü: Qız və oğlan uşaqlarının tə’lim və tərbiyəsi tə’kid olunmuş savab işlərdəndir. O n d ö r d ü n c ü: Keçmiş peyğəmbərlər Babın e’tiqadınca məzhərdirlər; lakin bu fərqlə ki, onlardan hər birinin rütbəsinə görə bə’ziləri “fəzilətli”, bə’ziləri “aşağı” dərəcəli olurlar. Bab peyğəmbərlikdə sonunculuq iddiasını bəd’ət sayır və bunu həvayi-nəfsin nəticələrindən bilir; çünki o, dində təcdidi, təkmili və tənsixi zəruri şeylərdən hesab edir və deyir ki: Əcəba, İsa, Musa dininin batil edəni olmadımı? Məhəmməd İsa dinini batil etmədimi? O, sonradan gələn məzhərlərə dində təkmil və tənsix yaratmaq üçün ixtiyar vermiş və aləmi qətiyyən məzhərdən xali bilməmişdir. Hal-hazırda diri məhzər olan Mirzə Hüseynəli, Babın əqidəsinə görə onun bə’zi əhkamını dəyişdirmək və onun dinində bə’zi qanunları artırmaq ixtiyarına malikdir. O n b e ş i n c i: Babi alimlərinin əlaməti islam alimlərinin əmmaməsi kimi on beş batmanlıq, günbəd şəklində kobud deyil, dərvişlərin sarıqları kimi yüngüldür. O n a l t ı n c ı: Mərdi-Səyyahın dediklərindən Bab Seyyid Mirzə Əli Məhəmmədin özünün dəxi xariqa’data və mö’cüzələrə qail olduğu anlaşılmadı. Amma diri məzhər olan Mirzə Hüseynəli mö’cüzənin qüdrətini və xariqa’datı izhar etmək iddiasındadır. Ancaq bir, yaxud iki nəfərin hüzurunda deyil, bəlkə Yer üzünün bütün xalqlarının vəkilləri gərək bir yerə toplanaraq öhdələrinə alsınlar və borc bilsinlər ki, əgər o bir mö’cüzə göstərsə, o vaxt Babın dinini qəbul etsinlər. O surətdə diri məzhər olan Mirzə Hüseynəli xalq vəkillərinin tələb etdikləri hər bir mö’cüzəni göstərəcəkdir. O n y e d d i n c i: Onda birdən artığına qazanc ilə pul vermək Babın dinində haramdır. O n s ə k k i z i n c i: Yoxsul dindaşlara kömək etmək varlı babilərə vacibdir. O n d o q q u z u n c u: Babilərin əqidəsində on doqquz sayının şərəfi vardır. Lakin bunun nə cəhətdən belə olduğu doğru anlaşılmadı. Hər ay on doqquz gün sayılır və bundan əvvəl hər gün on doqquz rük- ’ət namaz, hər il on doqquz gün oruc tutmaq avam üçün zahirən olmuşdur. Amma indi isə bu tərk edilmişdir. Babilərdən heç kəsə namaz və oruc məcburi deyildir. * * * Hekayət Altmış il bundan əqdəm Firəngistanda, xüsusən ingilis məmləkətində filosoflar mütəəddid təsniflər yazıb kəsb və tədərrüsün lüzumiyyətini və mənfəətini xalqa bildirdilər və qayətdə müəssir moizələrinin qüvvəti ilə xalqı övzai-məişətin təhsilinə bir mərtəbədə şövqmənd etdilər ki, xalq biaram karxanalar yapmağa və sənaye işlətməyə iqdam edib az müddətdə külli-aləmin ehtiyacına kafi miqdardan bəməratib ziyadə əqmişə və əmtəə hazır edib, Firəngistanda və sair əqalimdə hər şəhrin bazar və karvansaralarını ənva və əqsam əşya ilə doldurdular. Və bu əməlin məalından saf qafil idilər və hərgiz xəyallarına xütur etmirdi ki, bu işin nəticəsi aqibət ərbabi-tənxahın iflasına bais olacaqdır, zira ki, bəni-növ’i-bəşərin əyyami-həyatında üç qisim ehtiyacı var: Əvvəlincisi – ehtiyaci-cismanidir, ikincisi – ehtiyaci-əqli, üçüncüsü – ehtiyaci-ruhani. İnsan əyyami-həyatında daima təlaşdadır ki, bu üç ehtiyacı rəf’ etsin və həyatın ləvaizindən bəhrəyab olsun. Ehtiyaci-cismani rəf’ olur təhsili-məlbusat və mə’kulat və məsakin və vəsaili-əmniyyət ilə; ehtiyaci-əqli rəf’ olur təhsili-ülum və təhqiqi-qəvanini-təbiət və inkişafı-əsrari-xilqət ilə. (Əgər insan bu ikinci ehtiyacın rəf’inə cahid olmasa, onunla... arasında bir fərq yoxdur). Ehtiyaci-ruhani rəf’ olur məhəbbəti-əyal və məhəbbəti-əqrəba və dustan və məhəbbəti-vətən ilə. Hətta məhəbbəti-əyal və vətən bir mərtəbədə ruha müəssirdir ki, bə’zi əmziceyi-əfradi-bəşərdə əyalın və vətənin müfariqəti həlakətə dəxi bais olur. Əvvəlinci ehtiyacın, yə’ni ehtiyaci-cismaninin rəf’i üçün lazım olan vəsait, – necə ki, bəyan olundu, – əhəmmi-zəruriyyati-həyatidir. Pəs hər kəs onun təhsilinə məcburdur ki, iqdam etsin. Bu surətdə əgər bir para vəsailin kəsbinə miqdari-kəfafdan zaid dərəcədə iqdam olunsa, kasibinə nisbət başqa vəsailin nöqsanına bais olacaqdır. İngilis həkimlərindən birisi, Sismond adlı, müşahidə etdi ki, ərbabi-istitaət külli-tənxahlarını xalqın ehtiyacından zaid miqdarda əmtəə və əqmişənin tədarükünə sərf etdilər ki, füruşa yetirsinlər. Bu surətdə haman ərbabi-istitaətin əməlində onların iflasını piş-əzvəqt istinbat edib ehtiyata düşdü və onları qəflətdən oyatmaq üçün Londonda parlamentdə məcməi-amdə minbərə çıxıb keyfiyyəti-məsturu təqrir və bu məsəli və’zinin təqviyətində bəyan elədi. Məsəli-həkim Sismond Əyyami-sabiqədə – ki, hələ elmi-sehr və cadu aləmdən məfqud olmamışdı, – bir dərviş illər ilə Hindistanda günbədi-dəvvarın dövründə riyazətə oturmuş və ənva və əqsam sehr dualarını günbədi-dəvvardan sinəsinin dəftərinə səbt etmiş, səyahət əzmilə Firəngistana güzar eləmişdi və Germaniyada Leypsiq şəhərində çay kənarında Qandalin adlı bir nəqqaş nemsənin evində mənzil tutmuşdu. Dərvişin heç xidmətkarı və müsahibi yox idi. Hər gün evdən çıxıb gedərdi axşamadək şəhərdə gəşt edərdi. Axşam qayıdıb gəlib haman mənzildə yatardı. Amma onun tamam mə’kulatı və məşrubatı haman mənzildə hazır olurdu. Nəqqaş Qandalin təəccüb etdi və öz-özünə dedi ki, görəsən bu tədarükat nə vəch ilə dərvişə hasil olur? Bir gün sübh çağı gəlib xəlvətcə dərviş olan otağın pəncərəsinin dalısında durub busdu görsün ki, dərvişə kim çaydan su gətirəcəkdir üzünü yumağa. Gördü ki, dərviş ayağa durdu, taxtın altından süpürgəni götürüb qabağında yerə qoydu, bir dua oxudu, süpürgəyə üfürdü, sonra süpürgə bir adam şəklinə düşüb, tez sənəyi qapıb, qapını açıb yüyürdü çaya, sənəyi doldurub gətirdi. Dərviş haman saatda yenə bir dua oxudu, haman adam yenə süpürgə şəklinə düşdü. Amma Qandalin ikinci duanın oxunduğunu heç görmədi və heç bilmədi ki, ikinci dua da var ki, haman adamı yenə süpürgə şəklinə salar. Qandalın bir fəqir və əhlü əyal sahibi nemsə idi. Nökəri və kənizi yox idi ki, onun evinə çaydan su gətirsin. Həmişə özü sübh çağı iş üstündən durub, sənəyi götürüb, çaydan su daşıyardı və gətirib evində çəlləklərə və qablara tökərdi, oturardı öz peşəsinə məşğul olardı. Fikir elədi ki, nə əcəb rahatlıq mənim üçün hasil olar, əgər dərvişdən bu duanı öyrənə bilsəm ki, süpürgə hər gün mənim evimin suyun daşıya, mən asudə işimə məşğul olam. Bu niyyət ilə bir gün sübh tezdən gəlib dərviş oturan otağın qapısının dalısında gizləndi, diqqət ilə huş və guşunu verdi haman duanı – ki, bir-iki söz idi, – öyrəndi, getdi. O birisi gün sabah vaxtı arvadına dedi ki, Mariya, dur süpürgəni bura gətir. Arvadı süpürgəni gətirdikdə, alıb qabağına qoydu, dərvişdən öyrəndiyi duanı oxudu, üfürdü, süpürgə haman saat bir adam şəklinə düşüb sənəyi qapdı, yüyürdü çaya, sənəyi doldurub, gətirib çəlləyə tökdü. Qandalin və arvadı sevindiklərindən mədhuşvar oldular ki, bir belə ne’məti-üzma onlara nəsib oldu və şəkildən ləzzət aparırdılar və şəkil peydərpey gedirdi su gətirirdi, çəlləklərə və qablara tökürdü. Tamam çəlləklər və tamam qablar doldu. Şəkil elə yenə su daşıyıb tökürdü. Su çəlləklərdən və qablardan daşıb evə dağıldı. Nəqqaş başladı çığırmağa ki, dəxi bəsdir, dəxi lazım deyil. Şəkil nə qanır! Elə haman qərar ilə çayın suyunu daşıyır... Su evi ağzına götürdü. Qandalin və arvadı təngə gəldilər, başladılar hər ikisi çığırmağa ki, dəxi istəmirik. Şəkil qulaq asmadı. Arvadı balaca uşaqlarının əlindən tutub həyətə qaçdı. Qandalın baltanı qapıb vurdu şəkilə, iki parça elədi. O saatda haman parçaların hər birisi əli sənəki bir şəkil olub, iki tərəfdən başladılar su daşımağa... Qandalin başladı balta ilə bunları parçalamağa; şəkillərin hər parçası ki, yerə düşürdü, bir başqa şəkil olurdu, əlində bir sənək çapırdı çaya, su daşımağa. Cümləsi on altı parça idi, on altı şəklə dönmüşdü. Qandalin yoruldu, baltanı saldı yerə, iki əlli başına-dizinə çırpa-çırpa fəryada başladı. Qonum-qonşu tamam fəryadına yığıldılar, gördülər ki, Qandalinin evində və dəhlizində və nəqqaşxanasında su dizə çıxıbdır və tamam nəqqaşlıq alat və əsbabı nə nəqqaş təsviratı su üzündə üzür və on altı adam şəkli sakit və samit elə su daşıyıb evə tökürlər, qonum-qonşular da şəkillərə yalvardılar ki, bəsdir dəxi, su lazım deyil, daşımayın. Şəkillər qulaq asmadılar. Qonşular tez dərvişi axtarmağa hər tərəfə adam saldılar. Dərvişi haradan tapacaq idilər? Qandalinin arvadı başına-döşünə çırpa-çırpa həyət içində şivən edirdi. Biçarə Qandalin bilmirdi ki, nə eləsin. Lailac qalmışdı. Birəhm şəkillər elə su daşıyırdılar, evə tökürdülər. Az qaldı ki, evin bünövrəsinə rəxnə yetişsin ki, nagah dərviş mənzilə qayıtdı, ər və arvad haman saat dərvişin əl-ayağına düşdülər, yalvarmağa başladılar. Dərviş haman saat bir dua oxudu, şəkillər tamam süpürgəyə döndülər. Qandalinin canı xilas oldu və evi viran olmaqdan salim qaldı və ona tövbələtmə oldu ki, dəxi... yesin dədəsi ilə, bir də dua ilə özünə su daşıyan qayırmasın. Su insana lazımdır və insanın əlzəm həvaicindən birisidir. Amma əgər kəfaf miqdarından ziyadə olsa, Qandalinin başına gələn müsibətə bais olur. Pəs məlbusat insanın cismani ehtiyacının rəf’inə lazımdır. Əgər kəfaf miqdarından ziyadə olsa, məsrəfə yetişməyəcəkdir. Və onun ziyadətinin təhsilində sərf olunan tənxah əbəs olub, bilaəvəz qalacaqdır. Və ərbabi-istitaətin iflasına səbəb olacaqdır. “Politiçeskaə gkonomiə” kitabından tərcümə edəni: Mirzə Fətəli Axundzadə; Qocur, sentyabrın əvvəli, hicri 1282-ci il (miladi 1865) * * * Con Stüart Mill azadlıq haqqında İngilis filosofu Con Stüart Mill azadlığı izah etmək məqsədi ilə yazdığı kitabda göstərir: – Canlılar aləmində insan daima tərəqqi tələb edən bir növdür və fikir azadlığı olmadan tərəqqi mümkün ola bilməz. Tərəqqinin nəticəsini zəmanəmizdə sivilizasyon adlandırırlar. Sivilizasyon elə bir ümumi məfhumdur ki, onun məzmununda bütün sənətlər, fənlər, qüdrəti-dövlət, millətin asayişi və mədəniyyətin bu kimi şərtləri cəm olmuşdur. Pəs bu cür tərəqqi o zaman imkan tapar ki, cəmiyyətin fərdləri öz fikirlərində müqəyyəd olmasınlar; hər nə istəsə desin və hər nə bacarırsa etsin. Və əgər onun sözü, ya işi cəmiyyətin başqa fərdlərinin nəzərində məqbul olsa, cəmiyyətin başqa fərdləri də düşündükdən sonra onu təsdiq edər və ondan fayda taparlar; əgər məqbul olmasa, başqa bir adam onun səlahiyyətsizliyini bəyan edər. Bu üsula “kritika” deyərlər. Fikir azadlığı olduqda kritikanın faydası o olacaqdır ki, nəhayət, get-gedə müxtəlif fikir və rə’ylərin toqquşmasından haqq yerini tutacaq və mədəniyyət aləmində tərəqqiyat zühur edəcəkdir. Əgər cəmiyyət öz fərdlərinə fikir azadlığı verməsə və onları atababanın və övliyanın qərar verdikləri şeylərlə kifayətlənməyə və bunlardan kənara çıxmamağa və ağıllarını mədəniyyət işlərində işlətməməyə məcbur edərsə, bu surətdə fərdlər yer əkən, məhsul toplayan və hər bir işi düşünmədən və fikir vermədən görən avtomat olarlar və ya onlar dəyirman atlarına bənzərlər ki, hər gün müəyyən dairədə dolanarlar və öz vaxtında da arpa-saman yeyib su içər və yatarlar, sonra genə oyanıb haman dünənki dolanışı dünyanın axırına qədər təkrar edərlər. Və bu biçarə atların hərgiz xəbəri olmaz ki, dünyada çəmənlər, otlaqlar, çayırlıqlar, çiçəkliklər, meşələr, dağlar və dərələr vardır; əgər bağlı olmasaydılar, dünyada gəzərdilər və o könül açan yerləri görərdilər və dünya ne’mətlərindən tamamilə faydalanmış olardılar. Bu gün bizim kürəmizdə Hindistan brəhmənlərinin və Musa dininin peyrəvləri və Çin dövləti qanunlarına bağlı olanlar haman dəyirman atları kimidirlər ki, dinlərin və qanunların meydana çıxdığı tarixdən bu günə qədər onların halında heç bir dəyişiklik üz verməmişdir və bundan sonra əgər minlərcə il bu tərzdə keçsə, genə bu biçarələrin əvvəlki halı ilə axırkı halları arasında heç bir fərq olmayacaqdır. Bəlkə demək olar ki, onlar daima geri gedəcəklər; çünki insan növünün tərəqqisi ağıl ilədir, bu biçarələrin ağlı üçün isə hərəkət yolu bağlanmışdır. Avropa əhalisi də, papaların təsəllütü və katolik məzhəbinin şiddəti nəticəsində miladı tarixin ortalarına qədər yuxarıda zikr olunan biçarələr kimi idi. Lakin miladi tarixin ortalarında mütəfəkkirlər, hükəma və filosoflar zühur etdi və papalara itaət etmək boyunduruğunu boyundan atdılar və katolik məzhəbinin əleyhinə qalxışdılar və revolyusyon, yə’ni şuriş etdilər və dedilər ki: Bu nə deməkdir ki, biz də insan sinfindən olduğumuz halda, ağıl və bilikdən payımız olduğu halda, özümüzü bir neçə nəfər elmsiz və mə’rifətsiz papaların və həvariyyunun ki, vaxtı ilə bə’ziləri balıqçı, bə’ziləri də paltaryuyan olmuşlar, qulu edək?.. Əgər bu növ avamaldadan şəxslər bu əsrdə bizə təsadüf etsələr, biz onları bilik dərəcələrinə görə, öz məclis və müsahibətimizə layiq bilmərik. Necə ola bilər ki, biz onlara baş əyək! Oxucu özü insaf etsin ki, onlardan hansı biri Nyuton və Uatta bərabərdir? Aya, rəvadır ki, Nyuton və Uatt və Avropa əhalisinin bugünkü tərəqqisinə bais olan minlərcə bu kimi bəşər dostları, filosof və mütəfəkkirlər, bu nadanlara nisbətən qul vəziyyətində dursunlar, onları özlərinə ağa qərar versinlər və onların haqlı-haqsız hökmlərindən çıxmağı qətiyyən caiz bilməsinlər? Fərz edək ki, bu din və qanun sahiblərinin sözlərindən və hökmlərindən bə’ziləri bəşəriyyətin əhvalına aid hüsn və səlahiyyətdən xali deyildir, amma onların düşüncələrində məcburilik meydana çıxdığından və onlar fikir azadlığını aradan qaldırdıqlarından, o növ hökmlərin rədd edilməsi vacibdir. Çünki onların qanunlarından hasil olacaq fayda, fikir azadlığının olmamasından üz verən ziyan yanında, dəniz yanında bir qətrə kimidir. * * * 1618-ci ildə Bağdad yaxınlığında Türkiyə ordusunun vəziyyəti Məşhur Birinci şah Abbasın atası Məhəmməd şahın hökmranlığı zamanında İran ağır bir vəziyyətdə idi. Onun siyasi süqutu yaxınlaşmaqda idi; başsızlıq və daxili çəkişmələr məmləkəti sarsıtmışdı. Padşah öz xasiyyətinin zəifliyi üzündən sərkərdələrin özbaşınalığının qabağını almaqda aciz idi. Onlardan hər biri müxtəlif yollarla birinciliyə və hakimiyyətə çatırdı və bundan sonra başqalarını əzirdi və özünə tabe etdiyi əyalətləri talan edirdi. Firqələr təşkil olundu və xanlar bir-biri ilə müharibəyə başladılar. Daha güclü olan xanlar, şah hakimiyyətini qəbul etməyib bir sıra əyalətləri ələ keçirdilər. İranda həmsərhəd olan dövlətlər varlanmaq fürsətini əldən vermədilər. Bilxassə türklər düşmən qonşunun bu vəziyyətinə sevinirdilər. Təbiətləri üzrə tənbəl olan və nə ölüyə, nə də diriyə hay verən türklər belə dəqiqələrdə işğalçılıq ehtirası ilə yanırlar. Türklər İran sərhədlərini tez keçdilər və bir o qədər də zəhmət çəkmədən bütün Azərbaycanı və başqa həmsərhəd mahalları zəbt etdilər. O biri tərəfdən Buxara xanları Xorasan əyalətinin bir hissəsini tutdular; Xorasanın özü də, Herat də qorxu altında idi. O zaman Xorasanda yaşayan on səkkiz yaşlı şahzadə Abbas Mirzə Xorasan əmiri Mürşidqulu xanın köməkliyi ilə kiçik bir qoşun dəstəsi götürüb Qəzvinə hərəkət etdi və təxtü-tacın ona verilməsini atasından xahiş elədi. Əmirlərin özbaşınalığından təngə gəlmiş Məhəmməd şah oğlunun xahişini yerinə yetirdi, özü onu taxta oturtdu, bağrına basdı və xoşbəxt padşahlıq etməsi üçün xeyir-dua verdi. Cavan padşah öz səltənətini düzəltmək və nizama salmaq üçün böyük zəhmətlər çəkməli idi. O bilirdi ki, şərə bais olan vassallardır. Və bir neçə il dalbadal onlarla təkbətək vuruşub, onların özbaşınalığını aradan qaldırmağa və onları nüfuzdan salmağa zəhmət sərf etdi; iş o dərəcəyə çatdı ki, bunun adı çəkiləndə onlardan hər biri yarpaq kimi əsirdi. Vassallar İranı qüvvətli bir əlin idarə etdiyini və onların üzərində dəmir iradəli bir şəxsin hakimiyyət sürdüyünü görüb sakitləşdilər. O zaman Şah Abbas öz qüvvəsini hiss etdi; özbəklər Xorasandan, türklər isə aldıqları yerlərdən qovuldular. Şah Abbasın cəmi səciyyəvi sifətləri bir yana, ancaq bir şeyi demək lazım gəlir ki, bir sərkərdə və hakim olaraq, açıq meydanda, silah gücünə yox, incə fənd ilə, vəziyyətdən və fürsətdən istifadə edərək düşmənə qalib gəlirdi. İşdə və vuruşda qorxaq olan Şah Abbas ancaq müharibədən və onun nəticələrindən heç də qorxmazdı; müvəffəqiyyət qazanacağına arxayın olanda, hətta özü müharibə etmək fikrinə düşərdi. Gördüyü işlərdə cəsarətli olması, sərəncamlarındakı fəaliyyət, işdə cəld tərpənməsi, əlverişli cəbhələr seçməsi, müxtəlif manevralarla düşməni aldatması, yorması və azuqə tapmaq yollarını onun üzünə bağlaması sayəsində Şah Abbas həmişə düşmən üzərində qələbə çalardı. Sərkərdələrinin məsləhətlərinin ziddinə olaraq o, türklərlə üzbəüz gəlməkdən qaçmış və dörd dəfə onların ən qüvvətli ordularını məhv etməyə müvəffəq olmuşdur; həmin orduları müharibə zamanı özlərinə azuqə tapmaq imkanından məhrum etmişdir. Düşmən ordusunda aclıq və onun labüd nəticələri olan xəstəlik və ruh düşkünlüyü əmələ gəlməyə başladığı bir zamanda, düşmən ordusunun baş komandanı geri çəkilməyə məcbur olduqda, şah qoşunları düşmən ordusu sıralarının müxtəlif hissələrində qarışıqlıq törədir, onların pozulmasını və tələf olmasını axıra çatdırırdı. Müxtəsər, demək olar ki, Şah Abbas fitrətən partizan müharibəsi sərkərdəsi idi. O, bir neçə ildə vətəninin düşmənlərinə qalib gəlmiş və onları nəinki İranın əvvəlki hüdudlarından qovmuş, hətta İranla həmsərhəd olan bir çox müxtəlif torpaqları da ələ keçirmişdi. Azərbaycandan qovulmuş türklər sonra Bağdadı və onun əyalətlərini də əldən verdilər. Bu itkinin ciddiyyətini hiss edərək türklər 1618-ci ildə onu iranlılardan geri almaq fikrinə düşdülər. Hafiz Əhməd paşaya baş komandan adı verərək, Babi-ali onu lazımi vəsaitlə təchiz olunmuş böyük bir ordu ilə qalanı almaq və iranlılarla müharibəni davam etdirmək üçün Bağdada doğru göndərdi. Ancaq Şah Abbasdan onun ələ keçirdiyi qəniməti geri almaq çətin idi. O, düşmən ordusunun hərəkət etdiyini eşitcək, dərhal mühasirə olunmuş Bağdadın köməyinə gəldi və Bağdadın bir neçə mənzilliyində qərargah quraraq, öz səliqəsi ilə türklər üçün cürbəcür fəlakətlər hazırlamağa başladı. Türkiyə baş komandanı Şahın mühasirədəkilərə köməyə gəlməyi xəbərini aldı: o, mühasirəni götürməkdənsə, Şah qarşısına müharibəyə getmək fikrinə düşdü. Şah, düşmən türk qəbilələri arasında təhlükəli bir vəziyyətdə idi. Onu əzib ordusu ilə (bu ordu tələsik hərəkət etdiyi üçün, İranın müxtəlif hissələrindən çağırılmış bütün qoşunlarla hələ birləşməmişdi) qovduqdan sonra yenə də Bağdad mühasirəsini başlamaq olardı. Lakin Türkiyə baş komandanının qalanı almaq üçün başlanmış işlərdən əl çəkməyə ürəyi gəlmirdi. O, vəziyyət müsaid olarsa, Bağdadı hücumla almaq üçün, yaxud mühasirədəkilər arasında başlamış aclıqla Bağdadı təslimə məcbur etmək üçün həmin işləri qüvvətli surətdə davam etdirməyi lazım bildi. Lakin Şah Abbas Türkiyə baş komandanının Bağdad qapılarının açarlarını ələ gətirə biləcəyi səbəblərini aradan qaldırdı. İgid Səfiquluxanın komandanlıq etdiyi qalaya onun mahiranə fikirləşdiyi bir yol ilə 1000 nəfər təzə qoşun keçirildi. Sonra oraya 3000 pud barıt və güllə aparıldı. Bu iş elə məharətlə görüldü ki, hətta bir çox İran sərkərdələrinin buna inanmağı gəlmirdi; hücuma başlayıb faydasız olaraq çox adam itirən və hücumdan əl çəkən türklər isə buna artıq dərəcədə heyrət edirdilər. Bu zaman şah türklər arasında böyük qanqaralığa səbəb olan bir iş gördü: o, köhnə Bağdadın çay üstə çıxan qərb qapıları vasitəsi ilə mühasirədəkilərə 500 xalvar taxıl, çoxlu qoyun, toyuq və başqa şeylər çatdıra bildi. Türklər şahın hərbi hiylələrinə haqlı olaraq təəccüb etdikləri bir zamanda, Şah ordusu təzə gəlmiş qoşunlarla qüvvətləndi. Bu zaman Şah ordudan bir qoşun ayırıb Türkiyədən gələ biləsi qoşunları türklərə tərəf buraxmamağı və var qüvvə ilə düşməni hücumlarla narahat etməyi ona tapşırdı; o, özü Bağdada yaxınlaşırdı. Şahın bu sərəncamları nəticəsində Türkiyə baş komandanı bərabər qüvvəli və öz padşahlarının onlarla olmasından ruhlanmış bir orduya qalib gəlmək ümidini itirərək, bu ordu ilə vuruşmaqdan çəkindi və öz mövqeyində dayanıb qalaya qarşı fəal əməliyyatı davam etdirdi; İran qoşunu isə ağıllı və cəsarətli Zeynal xanın sərkərdəliyi ilə ona rahatlıq vermirdi. Zeynal xan düşmən cəbhəsinin ətrafında dərin xəndəklər qazımaq əmrini verdi. Hərçənd artıq türk qoşunu içərisində ərzağın bir qədər azlıq etdiyi hiss olunurdu, amma onlar Türkiyə qoşunu mühafizəsi altında çoxlu azuqə gəlməsini gözləyərək, bu vəziyyətə səbrlə dözürdülər. Birdən yarımac əsgərlərdən olan qoşun içərisində belə səs yayıldı ki, bu qoşun dəstəsi iranlılar tərəfindən məhv edilmişdir və bütün azuqə ehtiyatı da əllərindən alınmışdır. Türkiyə baş komandanının vəziyyəti çox çətin idi. Yeddi aylıq uğursuz mühasirədən sonra sultandan icazəsiz mühasirəni götürmək biabırçılıq olardı və baş komandanın da ölümü ilə nəticələnə bilərdi; bilmərrə qələbə ümidi verməyən mühasirəni davam etdirmək isə ağılsızlıq olub, yorğun ordudan sağ qalanları da məhv etmək demək idi. Bu ağır vəziyyət türkləri Şah ilə barışmaq üçün cəhd etməyə vadar etdi; ancaq danışıqlar nəticəsiz qaldı. Bu arada qalanı mühasirə edən Türkiyə ordusunun özü İran səyyar dəstələri tərəfindən mühasirə olunmağa başladı. Başqa bir çarə qalmamışdı: Hafiz Əhməd paşa İstanbula namə göndərməyi və geri çəkilmək üçün icazə istəməyi qət etdi. Ordusunda baş verən aclıq haqqında bir söz deməkdən çəkinərək, o, özündən asılı olmayan, qələbəni ləngidən və İranla müharibəni başqa bir əlverişli vaxta keçirməyi tələb edən səbəblər gətirirdi. Bu namənin qasid ilə göndərilməsindən istifadə edərək, bir çox türklər evlərinə və dostlarına məktublar göndərdilər. Lakin qasid İran qoşun dəstəsinin gözündən yayına bilmədi, tutuldu və bütün məktublarla Şahın hüzuruna gətirildi. Bu məktublar arasında türk ordu rəislərindən olan, sadədil və həqiqəti sevən bir türkün İstanbula, öz dostuna yazdığı məktub da var idi. Şah Abbasın tarixçisi İskəndərbəy bu məktubu özünün farsca “Aləmara” kitabında nağıl edilən bu hadisənin təsviri içərisinə salmağı lazım görmüşdür. O, məktubun məzmununu dəyişmədən, əslində olduğu kimi türk dilində vermişdir. Bizə mə’lum olduğuna görə, hələ Avropa dillərində e’lan olunmamış bu maraqlı tarixi sənədin tərcüməsini burada veririk: “Mehriban və səmimi dostum Müslühi-Çələbi əfəndiyə məhəbbətlə dolu dostluq salamı göndərərək vəziyyətimiz haqqında aşağıdakı mə’lumatı yazıram. Həqir ruhumuz hələ bədənimizdədir və gecəgündüz sizin xoşbəxtliyiniz üçün Allaha dua edib sizinlə görüşməyi arzu edirik. Bütün arzuları yerinə yetirən Allah-taala özü bizi sizin ziyarətinizə nail etsin. Əziz dostum, peşmanlıq və təəssüflə keçən yürüşümüz haqqında sənə nə yazım? Bədbəxtliklər beşiyi olan bu Bağdadı görüm bərbad olsun! Belə bir yürüş heç düşmənə də qismət olmasın! Doqquz aydır ki, hələ onun daşlarından biri də yerindən tərpənməmiş və xarab olmamışdır. Zalım iranlılar gəlincəyə qədər biz yeraltı lağımlar qazıb minalar düzmüşdük, pilləkanlar düzəltmişdik və hücuma hazırlaşmışdıq; lakin bizim qalanı almaq cəhdimiz hər dəfə faydasız oldu. Qapı qulu adlanan yeniçərlərdən və könüllü cavanlardan minlərlə seçmə adamımızı itirdik. Qələbə hər gün məl’un mühasirədəkilərin tərəfində olmuş və hər dəfə sadiq bəndələr şikəstlik tapmışdır. İşlərimiz belə getməkdə idi, birdən bizi çox pərişan edən bir xəbər yayıldı ki, Şah mühasirədəkilərə köməyə gəlir. Bunun dalınca da bizim rahatlığımızı pozanlardan biri olan Zeynal xanın sərkərdəliyi ilə Şahın qırx minlik ön dəstəsi yaxınlaşdı; məl’un və zalım iranlılar Dəyalə çayını keçdilər, gəlib qabağımızda durdular və vuruşmağa hazırlaşdılar. Bu arada Şahın özü qaniçici ordusu ilə bu dəstənin ardınca bizə yaxınlaşdı və bizi saymayaraq qoşunun bir hissəsini ayırıb Məndili qalası üzərinə göndərdi; burada bizim baş komandan tərəfindən qoyulmuş Məhəmməd Ağa və Mustafa paşa onlara tapşırılmış qoşunlarla birlikdə düşmən qarşısında dayana bilmədilər. Qala zorla alındı, türk qoşununun bir hissəsi məhv edildi, qalanı əsir düşdü və iranlıların özləri kimi dinsiz vəziyyətə gətirildilər. Lako qalası qoşununun da başına eyni iş gəldi. Bu itkilərin xəbəri müsəlman ordusu içərisinə çox böyük bir qorxu saldı. Baş komandan hələ fikrə gedib nə etməli olduğunu düşünürdü: o, tutduğu cəbhəni tərk edib Şahla müharibəyə girişməkmi, yaxud Bağdadın mühasirəsini davam etdirmək üzərində fikirləşirdi. Birdən xəbər aldıq ki, Şah özü sür’ətlə bizə doğru hərəkət edir. Zalım Zeynal xanı Şah ordusunun keçməsi üçün Dəyalə çayı üzərinə kəndir körpü salmağa qoymamaq lazım idi. Bunun üçün baş komandan Diyarbəkir valisi Murad paşaya seçmə əsgərlərdən 15000 adam verib 6 top ilə həmin yerə göndərdi; ancaq təəssüf ki, Murad paşa oraya gəlincəyə qədər, körpü artıq qurtarmışdı və məl’un Zeynal xanın özü ilə birlikdə üç, ya dörd min iranlı körpünü qoruyurdu. Kaş Allah tezliklə bu Zeynal xanı öldürəydi! Murad paşa dərhal onunla vuruşmağa girişib, özünün bütün dəstəsi ilə ona həmlə etdi; iranlılar onları cəsarətlə qarşıladılar və onların iki, ya üç hücumunu dəf edərək özləri də bizə hücum etdilər. Bizim bədbəxtliyimizdən, Allahın anlaşılmayan qəzası mövcibincə göy sakinləri türk qoşununa mərhəmət etmədilər; qoşunun sıraları pozuldu, Murad paşa məğlub oldu və ancaq bir neçəsi yaralanmış və soyulmuş yoldaşları ilə qaçıb qurtardı. Dostum, təsəvvür et ki, onların gecə vaxtı bizim düşərgəyə gələrək, Diyarbəkir, Qaramin, Gelab və Anadolu alaylarının məşhur, seçmə qəhrəmanlarının tələf olduqlarını xəbər vermələri qoşuna necə tə’sir buraxa bilər! Bu işdən sonra Şah maneəsiz öz qoşunlarını çaydan keçirərək bir dəstə qoşun bizim üzərimizə, bir dəstə köhnə Bağdadın üzərinə göndərdi; özü də gah orada, gah burada görsənərək, bizimlə gizlənqaç oynamağa başladı. Bir sözlə, biz Bağdadı mühasirə etdiyimiz halda, özümüz Şah tərəfindən mühasirəyə alınmış olduq. İndi bilmirik kimə qarşı əməliyyat aparaq, qalaya qarşı, ya Şaha qarşı? Birinci təqdirdə Şah bizə rahatlıq verməz, ikincidə isə mühasirədəkilər bizim arxa cəbhəmiz üçün təhlükə törədər. Bu vəziyyət bizi düşərgə ətrafına xəndək çəkməyə məcbur etdi və bu maneəyə baxmayaraq, gözümüzün qabağında iranlılar öz alaylarını döyüş qaydası ilə düzərək bizim üzərimizə hücum etmək fikrinə düşdülər. Başqa çarə yox idi, baş komandan dərhal davaya hazırlaşmağı əmr etdi. Qala qarşısında mina düzməklə məşğul olan yeniçərlərdən savayı, biz hamımız – böyükdən-kiçiyə qədər, atlı-piyada – iranlıların qarşısına çıxdıq. Tüfəng və top atışmaları başlanıb gün batıncaya qədər davam etdi. Bu zaman qoşun komandanı Zeynal xan şiddətli hücuma keçdi. Bunun alayları şən qışqırıqlarla, güllə və qumbaralara e’tina etməyərək, sel kimi üzərimizə töküldülər. Hücum elə yekdillik və qətiyyətlə başlandı ki, Elbrus dağı da onun qabağında davam gətirməzdi. Ön sıralarımız əzildi və geriyə, baş komandan özü oturduğu mərkəzə doğru atıldı. Mərkəz də hücumun zərbəsindən pozuldu. Xəndəkdə döyüş meydanı çox dar olduğundan cərgəyə düzülmək mümkün deyildi. Piyadaların bir çoxu iranlıların atlarının ayağı altında əzildi, bir çoxu xəndəkdən keçib möhkəmlənmiş düşərgədə mühafizəyə sığına bilmədi, əks tərəfə qaçdı və xəbər-ətərsiz itdi; qoşunun qalan hissəsi düşərgəyə keçə bildisə də, bunların pərvanə kimi qanadları yanmış, ürəkləri üzülmüş idi. Bu işdən sonra baş komandan öz yanında qoşun rəislərinin hərbi şurasını çağıraraq, e’lan etdi ki, artıq bir də düşərgə arxasında iranlılarla toqquşmaq yaramaz; biz qalaya qarşı əməliyyatımızı qüvvətləndirməliyik ki, bəlkə qalanı təslim edə bilək. Hamı bir səslə bu təşəbbüsü bəyəndi. Lakin Şah bizim xəyalımızı duydu və keçən gecə 15 minlik qoşunun mühafizəsi altında mühasirədəkilərə dəvə və qatırlarla 3000 yük ərzaq çatdıraraq bizim ümidimizi puça çıxardı. Bu işə mane olmaq üçün göndərdiyimiz alaylar bədbəxtlikdən məğlub edilib, Şətt çayında batırıldılar və çoxlu miqdarda ərzaq gözümüzün qabağında gəmilərlə qalaya daşındı. Biz bunun qarşısını ala bilmədik. Bu şikəstlik və müvəffəqiyyətsizliklərdən türk ordusunun beli büküldü. Qalanı almaq ümidini itirdik, özümüzü xilas etmək üçün düşünməyə başladıq; çünki işlər pis şəkil aldı; Bağdadı almaqdansa bizim özümüzü iranlılar əzib tabe edə bilərdilər. Bu əsnada Şah öz qoşun dəstələri ilə bizi əhatə etdi və vətənimizin daxili hissələri ilə bütün əlaqəmizi kəsdi. Yalnız quru yolu ilə yox, heç su ilə də bir quş belə bizim yanımıza uçub gələ bilməzdi. Böyüklükdə Dunaydan geri qalmayan Şətt və Fərat çayları İran süvarilərinin ayağı altında kiçik bir çay kimidir. Hillə, Kərbəla, Fəllucə və Müseyib kimi yerlər artıq qəsb edilmiş və o yerlərdə Aslan paşanın və başqa böyük paşaların sərkərdəliyi altında olan bütün türk qoşunları qırılmışdır. Bədbəxtliyimizi qələmim yazmağa, dilim nağıl etməyə acizdir. Artıq çoxdandır ki, müqəddəs düşərgəmizə heç bir tərəfdən azuqə çatdırılmır. Bə’zilərinin əvvəlki ehtiyatı qurtarmış, bə’zilərininki az qalmış və bu qiymətlərə satılır: bir vakiyə un 40 ağçaya, iki vakiyə yağ 2 quruşa, 1 vakiyə xurma 1 quruşa, bir keyl arpa 8 quruşa, üç dirhəm çörək 1 ağçaya, bir vakiyə at əti 40 ağçaya. İftixar və ləzzətlə həmişə paxlava yeyən adamlar indi at ətinə baxanda sevindiklərindən peyğəmbərə şükür-səna göndərirlər. Əvvəllər Misir kətanından köynək geyən o şəxslər indi dağılmış çadır cındırlarından köynək geyəndə sevinirlər. Qəhvəxanalarda oturub iranlılara istehza edən xudbin və özlərini öyən ağalar indi ən adi bir iranlını belə görəndə onu Firdövsinin qəhrəmanı Rüstəm kimi hesab edirlər. Allahın köməkliyi ilə iranlıların varını alıb özlərinə dövlət düzəltmək xəyalına düşən bu yalançı pəhləvanlar, indi özləri öz çadır və şeylərini tərk edərək öz həyatlarını qurtaranda sevinirlər. Bir dəstə nökər yanlarında, gümüş yəhərli at üstündə hamama gedən dövlətlilər indi palanlı eşşək sahiblərinə ürəkdən həsəd aparırlar; çünki bütün şəhərdəki adamların ancaq dördə birinin heyvan saxlamağa ixtiyarı vardır, qalanlarının hamısı bu hüquqdan məhrumdur. Əgər yerimizdən tərpənmək lazım gəlsə, qoşunun üç hissəsi piyada sürünməlidir. Bax, indi bizim vəziyyətimiz belədir. Təəssüf ki, hərbi yürüş başlananda Bağdad mühasirəsində istifadə etmək üçün böyük kalibrli mühasirə topları Bəsrədən çıxarılmışdır. Bu toplar xoşbəxt Sultan Süleymanın hökmranlığı dövründən qalmışdır. Onları düşmən üçün qoymaq fikri baş komandanı öldürür. Bu ləkə əsrlərlə Osman nəsli üzərində qalacaqdır! Dəfələrlə yardım və pul üçün qasidlər göndərilmişdir, ancaq onların hamısı xəbər-ətərsiz itmişdir; bilmirik iranlıların əlinə keçmişlər, ya ki, öz keyfində olan hökmdarımız bütün türk ordusunun Yer üzündən məhv olmasını istəyir?! Əgər keçən ay bizə kömək gəlsə idi, ordunun xilasına ümid olardı. İndi isə bizim sahib həzrətləri iltifat edib buraya gəlsə də bizə kömək edə bilməz; çünki bizim üçün bir tərəfdən Dəyalə çayı, o biri tərəfdən Şətt çayı, arxadan Şah Abbas, ön cəbhədən də Bağdad təhlükə törədir. Məgər təkcə bir Allah bizi bu qorxunc tələdən xilas edə bilərmi? Müxtəsər, ulu babamız Adəmin vaxtından heç kəs belə bir çıxılmaz girdaba düşməmişdir! Görünür, İran şahının sərəncamları taleyin bizim üçün yazdıqlarına müvafiqdir. Şübhəsiz ki, bunlar hamısı peyğəmbərimizin istəklisi müqəddəs Əlinin xahişi ilə əmələ gəlir. Bilmirik nə üçün bizim İmami-Ə’zəm* bizə belə rəhmsizlik edir. Biz onun qəbrini və müqəddəs sümüklərini xilas etmək üçün buraya gəlmişik və ona da pənah gətiririk. Ancaq, dostum, yüngülfikirli adamların məzəmmətinə düçar olmamaq üçün bu son sözləri ucadan oxuma. Düşdüyümüz fəlakətə əlavə olaraq, düşərgəmizdə şiddətli xəstəliklər də vardır. Buranın iqlimi iranlıların əyri qılıncından da öldürücüdür. Adamlar əksəriyyətlə ya qəflətən, ya qarın ağrısı və su xəstəliyindən ölürlər. Daima öldürücü, zəhərli küləklər əsməkdədir. Hansı sağlam bədən belə bədbəxt hadisələrin qarşısında dayana bilər?! Xoşbəxt o adamdır ki, bu fəlakətdən qurtara bilə və bir də öz dostları ilə görüşə. Yaxşı dostlara salamımızı yetir. Bizi bağışlasınlar. Bizdən də qoy Allah öz nəzərini kəsməsin. Bərkə düşsək, İmami-Ə’zəmin qəbri yanında can verməklə təskinlik taparıq! Bə’zi şeyləri təfsilat ilə yazmamağıma acığın tutmasın; bir sətir yazmamış hay-küy qopur ki, düşmən gəlir. Bu məl’un və zalım iranlılar türk qoşunları qarşısında o qədər cəsarətli və qorxmaz olmuşlar ki, bizi qoyun hesab edirlər və qurd kimi üstümüzə tökülürlər... Bizim düşərgəmizin xəndəyi yanından “vur, kəs!” səsləri kəsilmir. Gecələr isə rahatlığımız yoxdur. Belimizdən kəməri açmaq və silahı yerə qoymaq imkanı yoxdur, ancaq olur ki, iki əl ilə başımızı qoruyuruq. Allahdan savayı heç kəs bizim qismətimizdən xəbərdar deyil. Əgər hər şeyi müfəssəl yazmağa dursam, kağız-qələm çatmaz. İnanmıram ki, məhşər gününün müsibəti bizim düşdüyümüz müsibətdən artıq ola”. Türk əfəndisi öz məktubunu bu sözlərlə qurtarır və öz rəhbərinin qanmazlığı nəticəsində acınacaq bir hala gətirilmiş Türkiyə ordusunun pozulması haqqında öz dostuna belə mə’lumat verir. Mənim tərcümə etdiyim məktubda söylənilən bu hadisənin doğruluğu, türk tarixçisi Murtuza Nəzmizadənin Bağdad tarixinə dair yazdığı “Gülşəni-xüləfa” adlı əsərdə də təsdiq olunur. Nəhayət, Bağdad yaxınlığında qalmaq imkanı olmayan Türkiyə baş komandanı öz dövlətindən geri çəkilmək icazəsi gözləmədən, ordunun sağ qalmış nəfərlərini labüddən məhv olmaqdan qurtarmaq üçün geri çəkilməyi qət etdi. Ancaq müvəffəqiyyətlərlə ruhlanmış düşmən dəstələri arasından geri çəkilmək də az fəlakətli deyildi. Belə bir çətin vəziyyətdə o, Şahın mərhəmətinə müraciət etdi; hərbi əməliyyatın dayandırılmasını, Bağdad yaxınlığında onun rəyasəti altında qalmış qoşunların çıxarılmasına və İstanbula qayıtmasına icazə verməsini təvəqqe etdi və bu mərhəmət müqabilində iki dövlət arasında sülh bağlanmasına ürəkdən kömək edəcəyini və’d etdi. Şah, Türkiyə baş komandanının xahişini qəbul etdi və onun düşərgədən çıxmasına icazə verdi. Türklər onlara mərhəmətlə aman verildiyini eşidib sevindilər, heç bir qayda gözləmədən, rəislərini unudaraq öz darısqal düşərgələrindən çıxmağa tələsdilər və müxtəlif istiqamətlərdə dağılışdılar. Bunların çoxu iranlılar tərəfindən soyuldu və çılpaq buraxıldı. Beləliklə, Hafiz Əhməd paşaya tapşırılmış ordudan bir şey qalmadı. Qəlbinə bir qədər təskinlik olmaq üçün, onun başına ağır topları yerə basdırmaq fikri gəldi. Qaldırılması mümkün olmayan başqa ağır şeylər isə öz yerlərində qaldılar. O, sə’ylə möhkəmləndirdiyi düşərgəni dərin bir kədərlə tərk etdi və ordunun azacıq qalıqları ilə İstanbula tərəf hərəkət etdi. Yolda o öz acığını, iranlıların kiçik bir dəstəsindən qorxub qaçmış və bununla da, türk ordusunun hərbi-əhvaliruhiyyəsinin zəifləməsinə səbəb olmuş Diyarbəkir valisi Murad paşadan aldı. Yatağanın bir zərbəsi ilə bu bədbəxtin başı bədənindən ayrıldı. Bu, türklərin fəlakəti ilə nəticələnən yürüşün axırıncı qurbanı oldu. Bundan sonra Bağdad uzun müddət iranlıların əlində qaldı. * * * Yengi dünyanı fəth edən Xristofor Kolumbun tarixi Yer kürəsinin üçdə birindən ibarət olan Yengi Dünya torpağı dəniz vasitəsi ilə qədim dünyadan ayrı düşərək Kolumb dövrünə qədər mə’lum deyildi. Ehtimal ki, keçmiş zamanlarda, məsələn, bir neçə min il bundan qabaq Yengi Dünya torpağı qədim dünya torpağı ilə bitişik olmuş, lakin sonra bir hadisə nəticəsində dənizin suyu onların arasında çəpər çəkmiş və o gündən Kolumb dövrünə qədər Yerin bu iki qit’- əsinin adamlarının bir-birindən xəbəri olmamışdır. Xristofor Kolumb – ki, hümmətli, böyük bir adam olub, coğrafiya və kosmoqrafiya elmlərinin bilicisi idi, gəmi sürmək sənətində də tam məharəti var idi, – qeybi-ilham adlandırılan aydın fikri ilə düşündü ki, Mühit dənizinin o tərəfində bizə mə’lum olmayan bir quruluq, bir dünya vardır. Bu fikir onun başında elə möhkəmləndi ki, o, bir dəqiqə də bundan ayrıla bilmirdi. Nəhayət, Kolumb Əndəlis padşahının köməyi ilə dənizlər keçib Yengi Dünyanı tapdı. Birinci fəsil Xristofor kolumbun doğulması Xristofor Kolumbun uşaqlıq illəri haqqında düzgün mə’lumat yoxdur; onun doğulduğu yer və vaxt da mə’lum deyildir, ata-babası da unudulmuşdur. Dostlarından biri yazmışdır ki, o, təxminən 1435-ci, 1436-cı ildə doğulmuşdur. Kolumbun doğulduğu yer haqqında bir çox ehtimallar vardır; düzgün söz budur ki, o, Genuya şəhərində doğulmuşdur. Kolumbun əsil-nəsəbi haqqında fikirlərdə də ixtilaf vardır. Bə’zi nəcib sülalələr onu öz ailələrindən sayırlar. Amma Kolumbun oğlu Ferdinand – ki, atasının tərcümeyi-halını cəmləyəndir, – bu sözləri rədd edir və deyir ki, onların nəsli atasının dövrünə qədər adsızsansız idi; ancaq atası şöhrət qazanmışdır. Kolumbun qohumları yoxsul olsalar da, həmişə yaxşı və hörmətli şəxslər olmuşlar. Kolumbun atası həllac bir adam olub Genuya şəhərində yaşayırdı. Onun üç oğlu var idi: böyüyü Xristofor Kolumb, ikincisi Varfolomey, üçüncüsü isə Çakomba idi ki, Əndəlis tarixçiləri onu Diğo adlandırırlar. Çakombanın bir qızı var idi ki, onun əri Vavarella adlı alçaq adamlardan biri idi. Kolumbun tərbiyəsi kamil olmasa da, ancaq bu xüsusda atası mümkün qədər hümmət sərf etmişdi. Xətti o qədər yaxşı idi ki, əgər güzəranı çətin keçsə idi, xoşnəvisliyi ilə özünə ruzi qazana bilərdi. Bundan başqa o, riyaziyyat elmi və nəqqaşlıq sənətini də yaxşı bilirdi. Bir müddət Lombard məktəbində oxuyaraq, sərf-nəhvi və latın dilini öyrənmişdi. Kolumb gəmi sürməkdə də artıq məharət qazanmışdı. O, riyaziyyat, coğrafiya və elmi-nücumu mükəmməl oxumuşdu. İlk gənclik zamanı onda gəmi sürməyə və coğrafiyaya həvəs oyanmışdı və bu həvəslə o, həmin iki sahənin elmlərini mükəmməl öyrənmək üçün artıq dərəcədə hümmət sərf edirdi. Son zamanlarda, yə’ni Yengi Dünyanı tapdıqdan sonra Kolumb özünün gəmi sürməyə və coğrafiya elmlərinə olan bu həvəsini ilhamiqeybi və səmavi vergilərdən sayırdı. Bu, həqiqətən belə idi. Çünki heç yerdə görülməyib ki, bir həllac oğlu fasiləsiz olaraq tamam on beş il aramsız bu padşahın, o padşahın qapısına gedib öz məqsədini başa çatdırmağa kömək almaq üçün yalvarıb-yaxarsın, camaatın gözündə dəli kimi görünsün, heç kəsin tə’nə və əziyyətindən ümidsizliyə düşməsin, əksinə, bunlar onun şövq odunu günü-gündən alovlandırsın və nəhayət, ondan misli təsəvvür oluna bilməyəcək böyük bir iş zahir olsun. Bəşər ağlı bu mübhəm hadisəni dərk etməkdən aciz qalır. Qeyri-ilham və səmavi vergi olmasa, başqa yol ilə heç kəsə belə bir hal üz verə bilməz. Kolumbun əsri çoxlu ixtiraların baş verdiyi əsrlərdəndir. İnsanların cəhaləti, din və məzhəbə uyması nəticəsində coğrafiya və başqa elmlər Avropa torpağından silindikdən sonra, elm yalnız keşişlərin mə’nasız sözlərindən ibarət idi. Onlar özləri zəlalətdə olduqları kimi, xalqı da zəlalətə atırdılar. Bəşər növünün xoşbəxtliyi üçün faydalı olan elmlər Afrika torpağının içərilərində örtülü qalmışdı. Afrikada yaşayan ərəb alimləri Yer üzünün məsafəsini ərz və tul dərəcələri vasitəsilə tə’yin edirdilər. Bu elm yavaş-yavaş Avropada yayıldı və şöhrət qazandı. Onun ətrafında əsərlər yazmağa başladılar. Xristofor Kolumb haman bu əsrdə meydana gəlmişdir. İkinci fəsil Xristofor kolumbun gəncliyi Kolumb gənclik çağında məktəbdən çıxıb Genuyaya qayıtdı. O, öz atası ilə görüşərək bir müddət bu şəhərdə yaşadı. Tarixçilərdən bə’zilərinin fikrincə bu vaxtlar Kolumb öz atası kimi həllaclıq sənəti ilə məşğul olurdu; lakin doğrusu budur ki, o, məktəbdən ayrıldıqdan sonra gəmi sürmək xidmətinə başlamışdır. Qalabrinin valisi Anjo, Genuya şəhərində mühüm tədarük görüb çoxlu gəmilərdə Neapolitan ölkəsinə qoşun aparmağa hazırlaşırdı ki, o ölkəni qəsbkarın əlindən alaraq, yenə də öz atası kral Zinerə versin. Ölkənin prezidenti Neynaz da bu səfərdə vali ilə yol yoldaşı idi. Xristofor Kolumbun birinci dəniz səfəri də bu zaman vaqe oldu. Kolumb da prezidentin qoşunu ilə gəmiyə minib yola düşdü. O, ikinci dəniz səfərinə məşhur pəhləvan Korserin yoldaşlığı ilə çıxmışdır. Bu pəhləvan həmişə Əndəlis ərəbləri və vətənin başqa düşmənləri ilə müharibə edərdi. Bir gün ona xəbər verdilər ki, venesiyalıların bir neçə gəmisi çoxlu mal ilə Flandri şəhərindən qayıdır. Korser öz hərb gəmiləri ilə Portuqaliyanın sahillərində Lissabon ilə San-Vebesan arasında dayanıb həmin gəmilərin çatmasını gözlədi. Venesiyalıların gəmiləri yetişəndə Korser onlara hücum edib, müharibəyə başladı. Hər iki tayfanın arasında şiddətli bir müharibə baş verdi. Gəmilər hər tərəfdən bir-birinə hücum etdilər. Xristofor Kolumbun olduğu gəmi venesiyalıların böyük bir gəmisi ilə üz-üzə gəlib toqquşdu. Hər iki tərəfdən gəmilərə yandırıcı maddələr atıldığı üçün, hər iki gəmi od tutdu və onları xilas etmək çətin oldu. Kolumb çarəsiz qalıb gəminin kürəklərindən birini əlinə alaraq özünü suya atdı. O, üzgüçülüyü yaxşı bildiyindən üzə-üzə özünü sahilə çıxardı və yorğun halda yıxıldı; dincəldikdən sonra Lissabon şəhərinə qayıtdı. Bu şəhərdə Kolumbun çoxlu həmyerlisi olduğu üçün o, buranı özünə vətən qəbul etdi. Onun Portuqaliya ölkəsinə düşməsinin səbəbi budur. Üçüncü fəsil Portuqaliya şahzadəsi henrixin Məlum olmayan torpaqları kəşf etmək Sahəsində nailiyyətləri haqqında Mə’lum olmayan torpaqları tapmaq həvəsi hələ Kolumbdan bir qədər əvvəlki adamların xəyalında baş qaldırmışdı. Buna görə də o zamanlarda Atlantik dənizinin qərb sahillərində bir çox adamlar dəniz səfərinə çıxırdılar. Tarixçilərdən bə’ziləri sübut edirlər ki, xalqın dəniz səfərinə bu cür meyl etməsinin səbəbi o idi ki, Masam adlı bir nəfər ingilis bir qıza aşiq olub, onu gəmiyə oturdaraq İngiltərə torpağından qaçmışdı ki, öz sevgilisi ilə Fransaya yetişsin. Təsadüfən yolda tərs külək əsərək Masamın gəmisini o vaxta qədər heç kəs tərəfindən nişan verilməyən və əhalisi olmayan bir adaya çıxardı. Bura cürbəcür meyvələr, məhsullar və ağaclarla dolu idi; sonralar bu adanın adını Madrav qoydular. Amma başqa tarixçilər deyirlər ki, başdan-ayağa behişt bağlarına oxşayan və keçmişdə “Xoşbaxtlar adaları” adlanan Qanar adaları tapıldıqdan sonra, Betlimosun zamanından Kolumb əsrinə qədər yenə də itirilmişdi. Bu da insanların dəniz səfərinə həvəsinin artmasına səbəb oldu. Maraqlananlardan biri də Portuqaliya şahzadəsi Henrix idi ki, ilk gənclik illərində atası ilə birlikdə Afrika ərəblərinə qarşı müharibəyə başlayıb, Qeyt şəhərinin qapısına qədər qələbə və qəhrəmanlıq bayrağını yüksək tutmuşdu. Döyüşlərin çoxunda o, igidlik və şücaət tutmuşdu. Döyüşlərin çoxunda o, igidlik və şücaət nümunələri göstərirdi. Lakin şahzadənin elmə həvəsi onun müharibəyə meylindən çox-çox artıq idi. Müharibənin ciddi anlarında da elm və fəlsəfi təhqiqat ilə məşğul olmaq xəyalı onun fikrindən çıxmırdı. Şahzadə Qeyt şəhərində olduğu zaman Afrika haqqında ərəblərdən bir çox mə’lumat əldə etdi və burada onun fikrinə gəldi ki, əgər Afrikanın qərb sahillərindən keçilərsə, hər halda elə torpaq tapmaq mümkündür ki, o vaxta qədər heç kəsə mə’lum olmamış olsun. Bu məqsədlə də o, Portuqaliyaya qayıtdıqdan sonra, həmişə alimləri öz mənzilinə yığıb gəmi sürmək sahəsində təhqiqata məşğul olurdu. Henrix riyaziyyatı yaxşı bildiyi üçün, o əsrdə ərəb alimlərinə məxsus olan elmi-nücumu az bir vaxtda öyrəndi. Lazımi təhqiqatdan sonra şahzadə Henrix yəqin etdi ki, dəniz üzərində səfər etdikdə Afrikanı keçib Hindistana çatmaq və Afrika qit’əsinin bütün sahillərini kəşf etmək mümkün olacaqdır. Bu səfərdən böyük qazanclar əldə etmək və öz vətəni olan Portuqaliyanı namə’lum yerlərin məhsulu ilə doldurmaq mümkün olacaqdır. Şahzadə Henrixin arzuları bədbin adamlara oyuncaq kimi görünürdü. O günə qədər adamlar belə bir rə’ydə idilər ki, havanın istiliyinin şiddətindən xətti-üstüvanın altından keçmək mümkün deyildir və deyirdilər ki, yalnız Boyador boğazına qədər getmək olar. Ancaq bir adam bu boğazdan uzaqlaşdımı, bir daha buraya qayıda bilməyib həlak olar. Bu boğazın yaxınlığında elə burulğanlar vardır ki, insan onları xatırlayanda dəhşətə gəlir. O əsrin adamları bu fikirdə idilər ki, həmin boğazdan bu qədər uzaqda dənizin suyu, od üzərində qaynayan su kimi, Günəşin istisindən qaynayır. Bu əqidəni alt-üst etmək üçün şahzadə Henrix gəmiçilik elmi sahəsində çox zəhmətlər sərf etdi. O, əsrin bütün alimlərini Saqr şəhərinə çağırıb dənizin məsafəsini, düşərgələri və duracaqları tə’yin etmək üçün məsləhətləşməyə və xəritələr tərtib etməyə başladı. Henrixin bu hümmətinin nəticəsi o oldu ki, onun buyuruğu ilə Portuqaliya gəmisi xəritə və kompasın varlığı ilə cür’ətlənib Boyador boğazından keçməyə cəsarət etdi və gördü ki, bütün qorxular nahaq imiş. O, Afrika sahillərinin bir çoxunu bələdləməkdən başqa, Azor adalarını da tapıb geri qayıtdı. 1473-cü ildə şahzadə Henrix vəfat edib, bütün vətəndaşlarını təəssüf və kədərə düçar etdi. Naməlum adaları kəşf etmək haqqında onun arzuları öz sağlığında tamamilə yerinə yetmədisə də, onun bu sahədəki sə’yləri nəticəsində o əsrin adamları qəflət yuxusundan oyanıb, coğrafiya elmini öyrənmək və gəmi sürmək sənətində məharət əldə etmək üçün çalışmağa başladılar. Portuqaliya camaatı tez-tez dəniz səfərinə iqdam edib bir yer, bir ada tapırdı. Qol gücü və silah hədəsi ilə yox, elm sayəsində əldə edilən bu qələbələrlə, Avropa ölkələrinin ən kiçiyi olan Portuqaliya fövqəl’adə bir əzəmət kəsb etdi və qonşu dövlətlərin həsədəsinə səbəb oldu. Bəli, hansı ölkədə ki, millətin başçısı şahzadə Henrix kimi nəfsani ləzzətləri tərk edərək, elm və inkişaf ardınca getsə, onun vətəndaşları belə bir hümmətin sayəsində çoxlu mənfəətə çatarlar. Dördüncü fəsil Kolumbun lissabonda sakin olması və Mühit dənizinin o tərəfindəki bə’zi Adalar haqqında müxtəlif xəbərlər Kolumb 1470-ci ilə qədər Lissabonda sakin oldu. O, ucaboylu və qüvvətli bir kişi idi. Xoş siması var idi, üzü uzunsov, nə kök, nə də arıq idi; rəngi qırmızıya çalırdı. Üzündə incə qara xallar görsənirdi. Qızılquş burnu kimi əyri burnu və iri gözləri var idi. O, həmişə sadə paltar geyərdi, içkilərdən və zərərli yeməklərdən tamamilə uzaq gəzərdi. Aydın və asan danışardı, insanlarla rəftarında çox mehribanlıq göstərərdi. Məzacına görə təbiətində tez incimək xüsusiyyəti olsa da, həmişə ağlının gücü ilə hirsini yatırmağı bacarardı; heç kəsin qəlbini incitmək istəməzdi. Kolumb Lissabon şəhərində Henrixin gəmi rəislərindən olan Moni adlı bir şəxsin qızı ilə sevişib evləndi. Onlar Lissabonda sakin oldular. Qayınanası tez-tez dəniz səfərlərində mərhum ərinin başına gələn sərgüzəştlərdən yeznəsinə nağıl edərdi. O, Monidən qalan bütün yazıları və layihələri də Kolumba vermişdi. Kolumb da bə’zi portuqaliyalılar ilə birlikdə dəniz səfərinə başlayıb Qoniya sahillərinə qədər gedər, həmişə qayıtdıqdan sonra yerlərin və düşərgələrin xəritəsini tərtib edər və öz ehtiyacını da bu yol ilə tə’min edərdi. Nəhayət dərəcədə yoxsulluğa düçar olmasına baxmayaraq, Kolumb yenə də öz qoca atasını yaddan çıxarmayıb, xəritə satmaqla əldə etdiyi pulun yarısını onun dolanacağı və iki kiçik qardaşının tərbiyəsi üçün xərc edirdi. O zaman coğrafiya elmi çox nöqsan və kəsrlər içində olduğundan, torpaq və dəniz xəritələrində düzgünlük və aydınlıq olmadığından, öz tay-tuşuna nisbətən coğrafiya elmində mahir bir adam xalqın diqqətini cəlb edirdi. Xristofor Kolumb coğrafiyanı başqalarından yaxşı bildiyi üçün az müddətdə böyük bir şöhrət qazandı. Onun çəkdiyi xəritələr həmişə yaxşı satılırdı. Bir gün Kolumb qit’ələri və Yer üzünün məsafəsini tə’yin etmək barədə fikrə gedərək, coğrafiya qanunlarına görə Yer kürəsinin böyük bir hissəsinin namə’lum olduğunu gördü. Bu gündən e’tibarən fikirləşirdi ki, hansı bir tədbirlə Yer kürəsinin namə’lum hissəsini tapmaq mümkündür. Xüsusi ilə yoxsulluq və məhrumiyyət həmişə onu həyəcana gətirirdi; o, bu fikirdə idi ki, öz kəskin ağlı sayəsində bir işə iqdam edib bu yol ilə şöhrət tapsın və yoxsulluq bəlasından xilas olsun. Bu məqsədlə Kolumb öz yaşayış yerini dəyişib, Lissabondan o vaxt yeni adalardan sayılan Portusantu adasına köçdü. Arvadı burada bir oğlan doğdu ki, adını Diğo qoydular. Bu adanın hakimi Kolumbun arvadının qohumlarından olan bir qızın əri idi. Bu səbəb görə də Kolumbun hakimin evinə get-gəli var idi. O, alim və çox mə’lumatlı bir adam olduğundan hakim onunla həmsöhbət olmağı xoşlar və qənimət sayardı. Çox vaxt adalar və qit’ələr haqqında söhbət edib deyirdilər ki, şübhəsiz Afrikanın qərb tərəfində namə’lum torpaqlar vardır ki, bu torpaqlara tərəf səfər etmək və onlardan o yana, Hindistana yol açmaq mümkündür. Kolumb bu adada bir çox tacir və dəniz müsafirləri ilə görüşüb onlardan belə bir xəbər eşitdi ki, Afrikanın qərb tərəfində dənizdə onların gözünə torpaq və dağa oxşayan bir qaraltı görünürdü. Naşı tacirlərin bu cür sözləri onların şübhələrindən meydana gəlirdi və həqiqətdə doğruluqdan payı yox idisə də, ancaq onları eşitmək Kolumbun niyyətini qüvvətləndirir, şövqünü atrırırdı. Beşinci fəsil Qərbin o tərəfində namə’lum torpaqların Olması haqqında xristofor kolumbda Təsəvvür yaradan səbəblər B i r i n c i: Xristofor Kolumb deyirdi ki, Yer kürəvi şəkildədir. Beləliklə, Şərqdən Qərbə qədər olan uzun yolu keçib getmək mümkündür. Betlimos qanununa görə o, bu fikrə gəldi ki, Yer kürəsinin ortasında bir mehvər vardır. Elə fərz edək ki, Şərq ilə Qərb arasındakı məsafə iyirmi dörd saatlıq bir yoldur və hər saat da otuz dərəcədən ibarətdir. Keçmiş alimlər on beş saatlıq məsafəni tə’yin edərək yer üzünün qalan hissəsini bilməmişdilər. Portuqaliyalılar axır vaxtlar Azor adalarını və Əhfər boğazını fəth etməklə, guya bir saatlıq məsafəni də kəşf etmişdilər. Beləliklə, səkkiz saatlıq məsafə, yə’ni yerin üçdə biri hələ mə’lum deyildir. İ k i n c i: Kolumb okeanın bir bu qədər geniş, okeanın bu tərəfi ilə o biri tərəfi arasındakı məsafənin keçilməz dərəcədə çox olduğunu güman etməyən alimlərin əsərlərini düzgün hesab edirdi. O deyirdi ki, alim Aristotel də bu fikri təsdiq edib demişdir ki, Yer kürəsinin ortasından kəmər kimi uzanan Sakit okeanın bu tərəfindən o tərəfinə keçmək mümkündür. Ü ç ü n c ü: Kolumb bu fikirdə idi ki, Qərb tərəfdə guya adalar və dağlar görən bə’zi adamların yazıları da onun mülahizələrinə qüvvət verir. Bu dəlillər günü-gündən onun fikrini qüvvətləndirirdi. O, öz sözünün doğruluğuna o qədər inanırdı ki, elə bil namə’lum qit’əni gözü qabağında görürdü. Onun bu qənaəti bə’zən öz fikrini sübut üçün ayrı-ayrı şəxslərlə apardığı danışıqlarda da görünürdü. Altıncı fəsil Kolumbun portuqaliya padşahına Təklifi Xristofor Kolumb öz niyyətində möhkəm olduqdan sonra Portuqaliya padşahının yanına gedib bildirdi ki, əgər padşah mənə gəmi və xidmətçilərə kömək etsə, Afrika sahillərini keçib, Atlantik dənizi ilə qərbə tərəf səfər edib elə torpaqlar taparam ki, heç kəsə mə’lum olmasın; o yerlərdən dövlət üçün hesabsız sərvət əldə edib, oradan Hindistana yol açaram. Portuqaliya padşahı işin əvvəlində Kolumbun sözlərini xam xəyal hesab edib, onun təklifinə kifayət qədər e’tina etmədi. Lakin Kolumb öz dəlillərini möhkəm bir e’tiqad ilə söylədikdə, padşah heyrətdə qalıb məsələ ilə maraqlanmağa başladı. Buna görə də onun təklifini məsləhət evinin müzakirəsinə həvalə etdi. Məsləhət evi Kolumbun namə’lum torpaqlar haqqında dəlillərini nəzərdən keçirərək, bu dəlilləri öz arşını ilə ölçdü və Kolumbun başını xarab hesab edib təklifini tamamilə rədd etdi. Əlavə olaraq yazdılar ki, Afrika sahilləri hüdudundan hər cür dəniz səfəri mə’nasızdır, namə’lum torpaqları tapmaq məqsədi ilə olan dəniz səfərlərinin zərərdən başqa heç bir faydası yoxdur. Bu səfərlər nəticəsində insanlar öz adi peşələrindən geri qalıb xam xəyallar ilə sərgərdan olur və dövlətin sərvət və qüdrətinə zərər yetirirlər. Portuqaliya dövləti bu yaxın zamanlara qədər düşmənləri ilə müharibə aparırdı. Rəiyyət arasında xəstəliklər də yayılmışdı. Əgər bundan sonra dəniz səfərlərinə də iqdam olunsa, hər halda bu, Portuqaliyanın öz düşməni olan Qastiliya qarşısında tam acizliyinə səbəb olacaqdır. Dövlətin şövkəti ölkənin ərazi genişliyi ilə deyil, padşahın ədalət və cavan-mərdliyi ilə tə’yin olunur. Əgər Portuqaliya dövləti öz imkanlarını nəzərə almayıb dəniz səfərinə iqdam edərsə, şübhəsiz, səhv etmiş olar. Allaha şükür, bizim padşahın qarşısında böyük işlər vardır ki, o, bunları sona çatdırmaqla yaxşı ad və yüksək şöhrət tapacaqdır. Daha xam xəyalın nəticəsi olan dəniz səfərləri ilə öz rəiyyətlərini əziyyətə salmaq nəyə lazımdır? Əgər Portuqaliya padşahı şücaət meydanında şöhrət kosunu qapmaq istəyirsə, gərək... * * * Süavi əfəndinin əqidəsinə qarşı yazılmış tənqidin surəti Yüksək İran dövlətinin maarif naziri nəvvab-müstətab-əşrəf-ərfəvala E’tizadüssəltənə şahzadə Əliqulu Mirzənin xidmətinə. Allah-taala yüksək səadətini daimi etsin! İstanbul əsilzadələrindən Əli Süavi əfəndi adlı bir şəxs Osmanlı dövləti başçılarından üz döndərib, Londona mühacirət edərək, orada Osmanlı dövləti başçılarının əleyhinə, ölkəni idarə etmək və siyasət işlərində onların yanlış tədbirlərini (əlbəttə, haqsızlıqla) isbat üçün türk dilində “Müxbir” adlı bir qəzet çıxarır. Mən köhnə islam xəttini dəyişdirmək barədə dövləti-əliyyeyi-İranın Maarif Nazirliyi ünvanına yazıb, cilidlədib, sizin nəvvab-müstətabhəzrət-əşrəfinizə ixlasımı bildirən ərizəmlə göndərməyə hazırlaşdığım zaman Parisdəki dostlarımdan biri tərəfindən göndərilmiş Süavi əfəndinin qəzetinin keçən il çap olunmuş bir nömrəsini aldım. Qanım qaraldı. Rahatlığım yenə də zəhmətə çevrildi. Məcbur oldum ki, yenə də qələmi əlimə alıb, bu evi yıxılmış osmanlının fikri və əqidəsi barədə tənqid yazım və onu ikinci ərizəmlə bərabər zərfin içində nəvvab-müstətab-həzrəti-əşrəfinizə göndərim. Köhnə islam yazısı üslubunu dəyişdirib, islah etmək üçün mə’ruzəmdə qələmə aldığım dəlillərdən sonra Süavi əfəndinin qəzetini görməyə lüzum qalmırdısa da, bir məsələni sübut üçün qəzeti sizə göndərməyi də vacib bildim. Bununla sübut olunur ki, xətti-əlifbanı dəyişmək məsələsi kiçik məsələ deyil. Qoy hamı bilsin ki, bu gün bu məsələ hər yerdə, hər guşədə dillərdə gəzməkdədir. Xalqını, millətini və vətənini sevib dost tutanların hamısının gözü, millət başçılarından bu xüsusda görəcəkləri qərar və tədbirin intizarındadır. Nəvvab-müstətab-əşrəfiniz yüksək Qacar sülaləsinə mənsub olub, fəzilət və mə’rifət cəhətdən özünüz kimilərdən və məqamca sizə yaxın olanlardan seçildiyinizə görə, yəqinimdir ki, türk dilini necə ki, lazımdır, bilirsiniz. Lakin onu da düşündüm ki, Tehranın alim adamlarından bə’ziləri əslən fars olduqlarına görə ola bilsin ki, türkcə qəzeti oxuyub anlamaqda acizlik çəkərlər. Ona görə də həmin qəzeti farscaya tərcümə edib, əsli ilə bərabər göndərirəm. Süavi əfəndi islam əlifbasını islah etmək üçün dörd növ yol göstərir: Birinci qisim – Mənim keçmiş layihəmə işarə edir ki, bu layihə onun əlində vardır. İkinci qisim – Melkum xanın yeni layihəsinə işarə edir ki, bu da onun əlində var. Üçüncü qisim – Yenə də Melkum xanın yeni layihəsinə, ancaq saitləri ona daxil etmək şərti ilə işarə edir. Dördüncü qisim – Süavi əfəndinin öz əqidəsidir ki, onu şərh edir və üstün tutur. Fəzilət və mə’rifət sahiblərinin nəzərinə təqdim olunan mənim tənqidim məhz bu dördüncü qisim haqqında olacaqdır. Süavi əfəndi cənabları öz izahatının ikinci maddəsində e’tiraf edir ki, yazımızın islahı ən vacib məsələlərdən biridir. Bu məsələni kiçik məsələ saymaq olmaz, çünki yazının islahı xalqımızın elm və sənaye cəhətdən inkişafına səbəb olacaqdır. O, qəzetinin başqa bir yerində qeyd edir ki, Avropa əhalisi yazı üsullarının əlverişli olması sayəsində elmləri öyrənmək işində böyük tərəqqi əldə edib, həmişə bizdən irəliyə düşmüş və üstünlük qazanmışdır. Biz isə əlifbamızın nöqsanlı olması üzündən hal-hazırda malik olduğumuz biliklərdən başqa öz mə’rifət və tərbiyəmizə heç bir şey əlavə edə bilməmişik və ona görə də geridə qalmışıq. O yenə də yazır: “Müsəlman uşaqları 3-4 il məktəbə ayaq döydükdən sonra yenə də öz dillərində qəzet oxuya bilmirlər. Lakin Avropa əhlinin uşaqları, əlifbalarının əlverişli olması sayəsində bir neçə həftə dərs alandan sonra öz dillərində çap olunan qəzetləri oxuya bilirlər. Demək, aydın oldu ki, əlifbamızın qüsurlu olması bizim elmlərdən və sənayedən məhrum qalmağımıza səbəb olmuşdur. Habelə aydın oldu ki, Avropa əhli öz əlifbalarının əlverişli olması sayəsində elmdə, sənayedə çox böyük tərəqqi edib, həmişə bizdən irəlidə gedərək hər cəhətdən üstün olmuşdur. Bu da aydın oldu ki, onların uşaqları bir neçə həftə ərzində öz əlifbalarını öyrəndikdən sonra ana dilində qəzet oxumağı bacarırlar; lakin bizim uşaqlarımız bizim əlifba ilə 3-4 il oxuduqdan sonra bunu bacarmırlar. Siz, Süavi əfəndinin bu e’tirafını unutmayın ki, mən başqa bir məsələnin izahına başlayım və görüm bu osmanlını necə qane edəcəyəm. İndi görək, elm sahəsində tərəqqimizi tə’min üçün bizim qarşımızda qüsurlu əlifbamızdan başqa yenə də maneələr varmı? Bəli, başqa maneələr də vardır. Əvvəlcə bu maneələri qeyd edim. İran və Rum ölkələrində yaşayan və islam dinində olan biz yazıqların dili fars və türk dilləridir. Ərəblər bizə qələbə çaldıqdan sonra dinlərini bizə qəbul etdirdikləri kimi, dillərini də bizim dilimizə qatmışlar və bizi məcbur etmişlər ki, öz dilimizdə yazılan kitabları oxuyub başa düşmək üçün ərəb dili və onun qaydalarını da bilək. Buna görə də biz məcburuq ki, farsca yazılmış əsərləri anlamaq üçün iki dil və türkcə yazılmış əsərləri başa düşmək üçün üç dil öyrənmiş olaq. Bir halda ki, fransızlar, ingilislər və yunanlar təkcə öz dillərini öyrənməklə, onların dilində yazılmış bütün əsərləri oxumağa və öyrənməyə qadir olurlar. Digər tərəfdən, ərəb dilini öyrənməyin bu dilin əhli olmayan bizlər üçün əlifba nöqsanlarından əlavə, başqa xüsusi çətinlikləri də vardır ki, ərəblərin sayəsində qiyamətin gününə qədər bu çətinlikdən xilas olmayacağıq və əlacsızlığımızdan bu çətinlikdən xilas olmaqdan belə gözümüzü həmişəlik çəkmişik. Bu çətinlik isə ərəb hərflərinin xüsusi imlasından ibarətdir. Məsələn, Sin (Sad) səsləri; (Zal) (Zad) səsləri; həmzə və (ayn) səsləri; (ha) ( h a) səsləri; (Ta) (Ta) səsləridir ki, bizim ləhcəmizdə biri digəri ilə eyniləşir. Ona görə də, bizim uşaqlarımız bu hərflərin ərəb dilinə məxsus imlasını yadda saxlamaq üçün nə qədər böyük zəhmət çəkməlidirlər. Bu çətinliyi aradan qaldırmaq bizim üçün mümkün olmasa da, yazı üsulunu dəyişdirmək mümkündür. Ona görə də, görək, bizim yazımızın çətinliyi nədən ibarətdir? Birinci – bizim yazımız sağdan-sola yazılır. Bu cür yazı qaydası soldan-sağa yazılan yazı qaydasından xeyli çətindir. İkinci – bizim hərflərin çoxu nöqtəlidir. Belə bir vəziyyət isə yazının gec yazılmasına və oxuyarkən ən şiddətli çətinliyə səbəb olur. Üçüncü – -dən başqa, səsli hərflər, yə’ni saitlər yazıda samit hərflər sırasına daxil olmurlar. Onların tələffüzdə tələb olunan bir çoxu isə, məsələn, fəthə, zəmmə, kəsrə, fəthə ilə kəsrə arasında olan bir səs (E) və (Ö) hərfinin iki cür oxunması, öldü və oldu kəlmələrində hədsdən asılı olurlar. Dördüncü – həds ilə oxunan bu saitlərdən başqa, üç hərf daha, yə’ni: ün, in və ən vardır ki, onlar “rəf’li tənvin”, “nəsbli tənvin” və “cərrli tənvin” adlanır və ərəb adlarının axırında həds ilə oxunur. Beşinci – bu saitlərdən başqa bizim mədd, təşdid, cəzm və vəqf əlamətlərimiz də olmalıdır. Altıncı – bizim hərflərimizdən hər birinin dörd cür şəkli vardır. Şəkillər hərfin tutacağı yerin tələbinə görə anbaan dəyişilir. Lakin fransız və ingilis hərflərinin hər biri vahid bir şəklə malikdir ki, hər yerdə o cür yazılır. Yeddinci – nuni-səğir türk dilində ərəbi kafa və əcəmi kafa, bu kafların hər ikisi isə, fars və türk dillərində bir-birilə eyniləşir. Qeyd edildiyi kimi, yazının bu qədər çətinliyi üzündən biz Qur’anı düzgün oxumaq üçün əlacsızıq ki, fəthəni, zəmməni, məddi, təşdidi, cəzm və vəfq əlamətini hərflərin üstündə yazıb, kəsrəni isə hərflərin altına qoyaq. Rəf’li, nəsbli, cərrli, tənvinləri bildirmək üçün hərflərin üstündə qoşa zəmmə, qoşa fəthə yazıb, hərflərin altına isə qoşa kəsrə qoyaq. Bununla belə, bizim uşaqlarımız bir il ərzində və əksər hallarda iki il ərzində Qur’anı oxuyub qurtara bilmirlər. İndi isə Süavi əfəndi istəyir ki, biz uşaqlarımızı oxutmaq üçün “Gülüstan”, “Bustan”, Hafizin divanı və başqa dərs kitablarını da Qur’an kimi fəthə, kəsrə, zəmmə, tənvinlər, mədd, təşdid, cəzm və vəqf əlamətləri ilə yazaq və əlifbamızda olmayan bə’zi saitləri bildirmək üçün hətta hərflərin üstünə 1, 2, 3, 4, 5 kimi həndəsi rəqəmlər də qoyaq. Necə ki, yəhudilər öz uşaqlarını bu qayda ilə oxudurlar, biz də yəhudiləri təqlid edib, uşaqlarımızı bu cür oxudaq və elə ki, uşaqlarımız təhsildə başlanğıc pillədən son pilləyə ayaq qoydular, o zaman fəthə, zəmmə, kəsrə, tənvin və sair işarələri onun gözü önündən qaldıraq, yenidən saitsiz, hərəkəsiz və işarəsiz yazını oxumağa mübtəla edək. Çox yaxşı, biz Süavi əfəndinin bu cür təklif və məsləhətini məmnuniyyətlə qəbul edirik, ancaq bu şərt ilə ki, o da bizim uşaqlarımızın onun göstərdiyi yazı qaydaları üzrə bir neçə həftə dərs keçdikdən sonra Avropa əhlinin uşaqları kimi öz dilimizdə qəzet oxumasına zamin olsun. Çünki bizim yeganə məqsədimiz belə bir yol tapmaq idi ki, elmləri öyrənmək sahəsində Avropa xalqlarından geridə qalmayaq. Allaha çox şükür olsun ki, bunun üçün çarə tapıldı. Süavi əfəndiyə tam minnətdarıq ki, o, bu yolu bizə nişan verdi. Bundan yaxşı daha nə ola bilər? Avropa əhlinin uşaqları əlifbanın asanlığı sayəsində bir neçə həftə dərs keçdikdən sonra öz qəzetlərini oxuya bilirlər, biz də istəyirik ki, bizim uşaqlarımız da bir neçə həftə məktəbə getdikdən sonra bizim qəzetləri oxuya bilsinlər. Xa... xa... xa!.. Süavi əfəndi qaçır. O, bizimlə belə bir şərt bağlamır, belə bir zəmanəti vermək istəmir. Mən isə onun yaxasından əl çəkən deyiləm. – Xeyr ha, Mirzə Fətəli, sən nə üçün Süavi əfəndinin yaxasından bir qədər möhkəm yapışmısan? O, kamil adamdır, özü çox yaxşı qanır ki, bu iş baş tutası deyildir. O, belə bir şərtə necə girişsin və belə bir zəmanəti necə versin? Süavi əfəndinin məsləhət gördüyü əlifbadakı bütün o saitlər, hərəkələr, əlamətlər, işarələrlə çətin, çox çətin ki, bizim uşaqlar bir neçə həftə dərs oxuduqdan sonra qəzet oxuya bilələr. Məgər Süavi əfəndinin özü bunu bilmir ki, bu yazı ilə dərs keçilərsə, bizim uşaqlarımız bir neçə həftədən sonra deyil, bəlkə də beş il oxuduqdan sonra belə, hərəkələri və işarələri gördükdə “Sütünavəndə”ni tələffüzə gətirə bilməyəcəklər. Ərəbcə olan bu beyti də düzgün oxuya bilməyəcəklər: və bu dörd kəlməni: düzgün tələffüz edə bilməyəcəklər. Yazıq uşaqlarımızın heç bir təqsiri yoxdur. Onlar nə bilsinlər ki, ay Mirzə Fətəli, sən (həza) yazıb (haza) oxuyursan; (fəti) yazıb (fəta) oxuyursan. Əhmədin hərəkələri isə lap böyük müsibətdir. Ərəblərin evi yıxılsın! Ərəb dilini öyrənmək, o dildə danışan xalq olmadığımıza görə, başımıza böyük bir bəladır. Uşaqlar doqquz cəhəti yadda saxlamalıdırlar və oxuduqları zaman hər ismə təsadüf etdikdə xəyallarından keçirib bilməlidirlər ki, o doqquz cəhətdən ikisi həmin adda mövcuddurmu, ya yox? Əgər mövcuddursa, isim hallanmayandır, əgər mövcud deyilsə, demək isim hallanandır. Əgər bunda qəflət etməsələr də, hər halda həmin ismin hərəkə və saitlərini oxuduqda mütləq səhvə yol verəcəklər. İndi, de görək bizlərdən hansımız, taza oxumağa başlayarkən bir neçə həftədən sonra o dərəcəyə çata bilərik ki, isimlərin hallananları ilə hallanmayanlarını bir-birindən seçib fərqləndirməyi bacaraq? Məgər, dərd birdir ki, onun dərmanını tapa bilək! Bu məsələ Süavi əfəndinin özünə tamamilə aydındır və bu barədə o, əsla mübahisəyə girişə bilmir. Demək, yazıq, düşünmədən bir söz demişdir; daha bunun üçün onu bu qədər sıxışdırmağa dəyməz. Çox yaxşı! Mən Mirzə Fətəli, bu şərt və zəmanət təklifindən vaz keçirəm. Ancaq Süavi əfəndi cənablarından xahiş edirəm ki, savadlanma məsələsində son həddi və dərəcəni tə’yin etsin. Yə’ni o desin görək, bir uşaq nə halda, nə məqamda savadlanmışlar dərəcəsinə çata bilər ki, biz həmin məqamda sait və hərəkələri onun gözü önündən götürək?! Mən öz əqidəmcə bizlərdən heç birimizin bu məqama çatdığını zənn etmirəm. Bizim əlifbamız o qədər çətindir ki, əgər biz öz ana dilimizdə savadlanmanın başlanğıc dərəcəsindən son dərəcəsinə birtəhər çata bilsək də, ərəb dilində, çox kamil olan bə’zi alimlərimizdən başqa heç birimiz özümüzü kamil savadlı hesab edə bilmərik. Hətta, bu kamil alimlərin özləri də belə, bu dildə səhv və xətalara yol verməkdən tamamilə tə’min deyildirlər. Çünki ərəb dilində Cövhəridən kamil savadlı olmaq heç kəsə mümkün deyildir. “Qamus” müəllifi Məhəmməd Firuzabadi öz kitabında həmişə yazır ki: “Əl-Cövhərinin səhvi” və “Əl-Cövhərinin səhvi iki haldan xali deyildir. Ya Cövhəri kəlmənin hərəkələrində səhvə yol vermişdir, ya da ki, Firuzabadi özü səhv edir. “Qamus”un farsca mütərcimi də Firuzabadiyə iradlar tutur. Mən isə bilmirəm ki, haqq bunlardan hansının tərəfindədir. Hər halda bunun o qədər də əhəmiyyəti yoxdur. Cövhəri də, Firuzabadi də kamil savadlı adamlardır. Onların ərəb dilindəki biliklərinin üçdə biri, dörddə biri belə, bizim hər hansımızda olsaydı, tamamilə kifayət idi. Lakin sözüm ondadır ki, Süavi əfəndinin göstərdiyi yol ilə getsək, bizim uşaqlarımız 15 il, hətta 20 ildən sonra belə kamil savadlılar dərəcəsinə çata bilməzlər. Əgər biz hərəkələri və işarələri onların gözü önündən qaldırıb, onları hərəkəsiz, işarəsiz yazı oxumağa məcbur etsək, görəcəyik ki, həmin əvvəlki korlardır. Onlar yenə də uzun müddət bu “çılpaq” yazılar üzərində zəhmət sərf etməlidirlər ki, onları da oxumağa adət edə bilsinlər. Yazı üsulunda islahat aparmaqdan əsas məqsədimiz bundan ibarət idi ki, oxumağı öyrənmək üçün lazım olan uzun müddət qısa müddətlə əvəz olunsun. Əlifbanın çətinliyi nəticəsində ömrümüz nəfis elmləri öyrənmədən əvvəl, kəlmələrin və cüz’i şeylərin üstündə zay olmasın. Süavi əfəndinin təklif etdiyi üsul islahat deyil, əksinə bir çətinliyin üzərinə digər bir çətinliyi əlavə etməkdir. İndi təsəvvür ediniz, tutaq ki, mən farsca və ya türkcə və ya ərəbcə bir kitab yazmışam və ya bir kitabı çap edirəm; hərflərin üstünü və altını saysız və hesabsız nöqtələrlə doldururam, fəthə, zəmmə və kəsrə düzürəm, mədd, təşdid, cəzm, vəqf əlamətləri yığıram və üç cür tənvin də yazıram və bunlardan əlavə, 1, 2, 3, 4, 5 kimi həndəsi rəqəmlər də yazıram. Mənim bu kitabım sizin gözünüzdə nəyə oxşayacaqdır? Dağ çapmaq belə bir kitabı oxumaqdan, yazmaqdan və çap etdirməkdən daha asandır. Bu, məgər islahatdır? Bu, məgər asanlaşdırmaq vasitəsidir? Ramazandan çox razıydıqmı ki, Şəvvaldan da altı gün alıb ona qatırıq? Nöqtələrdən, fəthədən, zəmmədən, kəsrədən, tənvindən və sair işarələrdən çox razıydıqmı ki, indi də həndəsi rəqəmlərdən onlara yeni işarələr əlavə edirik? Özü də ki, yəhudiləri təqlid yolu ilə! Biz artıq təqliddən təngə gəlmişik. Təqlid bizim evimizi yıxmışdır. İndi-indi bu qərara gəlmişik ki, təqlid boyunduruğunu boynumuzdan ataraq qaranlıqdan işıqlığa çıxaq, azad və sərbəst fikirli yaşayaq. Bir məsələdə yəhudilərə təqlid etdik və “Biz Adəm övladına kəramət göstərdik. Onları səhrada və dənizdə gəzdirdik, onlara pak maddələrdən ruzi verdik, onları üstün yaratdıqlarımızın çoxundan üstün tutduq” kimi hörmətli ayənin ziddinə olaraq, bütün yer üzü xalqlarını murdar və natəmiz hesab edib, onlardan uzaqlaşmağı lazım bildik və bunun nəticəsini də gördük. Başqa xalqlarla qaynayıb-qarışmadığımıza görə, bu günə qədər elmləri və sənətləri öyrənməkdən məhrum olduq. Daha bəsdir, bundan belə artıq yəhudilərə təqlid etməyəcəyik. Onların təqlidi elmi bada verdi, “Bu təqlidə iki yüz lə’nət olsun!” Bizim cəhalətimizin babası ictihad olmuş, Ey hüşyar insan, ictihaddan qaç! Əxbarilərə xitab: Dünyada qopan bu qədər qovğa və üsyan, Bütün təbrizlilərin ixtilafı, Həm təqliddəndir, həm ictihaddan, Sinəmizi açaraq hər ikisindən aman istəyirik. Təqlid üçün bizə eyb olsun, Xüsusilə də ki, yəhudinin təqlidindən! Əgər yəhudilərin tə’lim-tərbiyə üsulu tərəqqi və inkişafa səbəb olsaydı, bəs nə üçün onların özləri bu günə qədər ən dəhşətli cəhalət və korluq girdabında qalmışlar. Müxtəlif bilikləri öyrənmək üçün bu gün biz məcburuq ki, Avropa xalqlarının dillərindən istənilən mə’nanı verən saysız-hesabsız sözlər alaq və öz dilimizdə işlədək; çünki bu kimi sözlərin qarşılığı bəhs edilən üç dilimizdən heç birində yoxdur. Bundan başqa bə’zi yerlərin, ölkələrin və şəhərlərin adını, şöhrətini bildirən sözlər də bizim indiki əlifba ilə əsla düzgün yazılıb oxuna bilməz. Əgər bu kimi sözləri bütün kitablarımızda və əsərlərimizdə fəthə, zəmmə, kəsrə və başqa əlamət və işarələrlə qeyd etsək, yenə də düzgün oxunmayacaq, əgər onlarsız yazsaq, vəziyyət daha pis olacaqdır. Osmanlı Cəmiyyəti-elmiyyəsi bizim hazırkı yazı qaydalarımızın çətinliyindən daima şikayət edir. Bu çətinliyin əsas səbəbi hərflərimizin bir neçə şəkildə yazılması, onların kəlmə tərkibində bitişikliyi və fəthə, zəmmə, kəsrə, tənvin və başqa işarələrin mövcud olmasındadır. İndi isə, əgər Süavi əfəndinin məsləhəti ilə yazımıza bir sıra yeni işarə və əlamətlər də artırsaq, qoz üstə qoz olar və Osmanlı Cəmiyyətielmiyyəsinin fəryadı göylərə yüksələr. Əlbəttə, azacıq dəyişiklik olmadan yazı qaydalarını islah etmək mümkün deyildir. O ki mənəm, mən özümün hər iki layihəmdə sabiq hərflərimizin tərkibini atmamışam, ancaq nöqtələri atmışam və hərəkələri bildirən bə’zi şəkilləri də əlifbaya əlavə etmişəm ki, onların da heç birisi gözümüzə qəribə gəlməz. Məsələn: şikəstə xətti üsulunda (Ra) hərflərini əvəz edən işarəsini fəthə qəbul etmişəm. Elə bil ki, yazırsan: Bu şəkli kəsrə tə’yin etmişəm ki, əslində lam ilə əlifin birləşməsindən əmələ gəlir. Necə ki, yazıram Habelə, bu şəkli, ya da bu zəmmə təklif edirəm ki, bu da əlifə və ya mimə çox oxşayır. Mədd şəklində də qəribəliyin olmadığı çox aydındır. Hanı burada elə bir külli dəyişiklik ki, yeni qaydaya adət edənləri köhnə kitab oxumaqdan məhrum edə bilsin? Biz, hazırkı əsrdə belə, kufi xəttini oxuya bilirik. Çünki kufi xəttin əlifbası əlimizdə vardır. Bəs necə ola bilər ki, biz yeni qaydaya adət etdikdən sonra öz köhnə kitablarımızı oxumaqdan aciz qalaq? Ancaq bu qədər var ki, biz onları, yavaş-yavaş, tədricən yeni qaydada olan əlifbaya köçürəcəyik. Onları köçürmək isə işsiz alimlərimiz üçün pakizə bir iş olacaq və elmlərin sahəsində böyük bir hərəkat başlanacaqdır ki, mən onun vəsfindən acizəm. Çoxlu mətbəələr təşkil olunacaq, xalqın yoxsul və miskin kütlələrinin əli duz-çörəyə çatacaqdır. Yeni-yeni əsərlər meydana gələcək, tamamilə yeni bir aləm qurulacaqdır. Amma Melkum xan əlifbada əsaslı dəyişiklik aparmağı məsləhət bilir. O da Osmanlı Cəmiyyəti-elmiyyəsinin fikrinə şərik olub, çap işini asanlaşdırmaq məqsədini izləyir. Mənim fikrimcə, bu böyük işdə Melkum xanın nəzəriyyəsi də əsassız deyil. Köhnə kitablarımızı saxlamaq xatirinə bütün xalqı cəhalət və korluq məhbəsində saxlamaqdansa, keçmiş yazı qaydalarımızı kökündən dəyişmək daha yaxşı olardı. Süavi əfəndi deyir: “Mən qızdırma-titrətmə naxoşluğuna tutulmuşam. Məni müalicə edin, yə’ni əlifbanı islah edin”. Mən deyirəm: “Yeməyini azalt, xinin ye! (Yə’ni nöqtələri at, hərəkələri hərflərin sırasına daxil et”). Melkum xan isə deyir: “Havanı dəyiş! Arandan yaylağa köç! (Yə’ni əlifbanın keçmiş şəkillərindən əl çək və yazının hərflərini avropalıların hərfləri kimi zərif və bitişməz yaz!”). Süavi əfəndi isə deyir: “Mən, nə yeməyimi azaldıram, nə xinin yeyirəm, nə də havamı dəyişirəm. Bütün yer üzünün xalqları da mənim kimi qızdırma-titrətmə naxoşluğuna mübtəladır (yə’ni onların da əlifbası qüsursuz deyildir). Qoy onlar da yeməklərini azaltsınlar, xinin yesinlər və havalarını dəyişsinlər (yə’ni gərək onlar da öz əlifbalarını dəyişdirsinlər). O zaman mən də sizin sözünüzə qulaq asaram. Yoxsa, yox!.. Əgər siz mənim xeyirxahımsınızsa, məni dua ilə müalicə edin (yə’ni keçmiş yazı qaydalarını dəyişdirmədən, onda islahat əmələ gətirin!”). Süavi əfəndi! Mən bu yerdə artıq özümü saxlaya bilmirəm və güzəştə getməyə də əsla meylim yoxdur. Sən öz qəzetində e’tiraf etmisən ki, Avropa əhalisi əlifbalarının əlverişli olması sayəsində elm və sənaye sahəsində xeyli tərəqqi edib, bizdən irəli düşərək, böyük üstünlük əldə etmişlər. İndi necə deyə bilərsən ki, gərək onlar da öz əlifbalarını dəyişdirsinlər? Bir halda ki, onların əlifbası xalqın tərəqqisinə mane olmur, nə üçün gərək onu dəyişdirsinlər? Görünür, onların yazısında olan qüsurlar bizimkində olduğu qədər böyük deyildir. Əks təqdirdə, onların uşaqları da bir neçə həftəlik tə’limdən sonra öz qəzetlərini oxumağa qadir olmazdılar. Aydındır ki, onların əlifbasının nöqsanı az, bizim əlifbanın nöqsanı isə çoxdur. Əgər sən desən ki, onların əlifbası əlamətlərin və işarələrin vasitəsi ilə islah olunub, mükəmməlləşdirilmişdir, bəs onda sən nə üçün mənim istədiyim zəmanəti vermirsən ki, biz də sənin dediyin kimi əlamət və işarələri əlifbamıza daxil edib, onlar kimi olaq? İndi cavabımı ver! Aydındır ki, cavab tapmırsan. Çox gözəl, elə mən də bunu istəyirdim. Belə isə bundan sonra sözünün dal-qabağını yaxşı düşün! Gör nə demişsən və nə deyəcəksən. Bəs necə, sən istəyirsən ki, mən və ya Melkum xan dua yazmaqla sənin xəstəliyinə əlac edək? Mən duası müstəcab olan adam deyiləm. Melkum xan da məndən betər. Xüsusilə ki, o, kafərdir. Mən o cür müalicəni edə bilmərəm. Mö’cüzə və kəşf-kəramət dövrü keçmişdir. Bu gün Allah bizə qarşı kəmiltifatdır. Artıq Cəbrayılını bizlərdən heç kəsin yanına göndərmir ki, onun ətəyindən tutub dərdimizi ona açıb söyləyək. Biz insanlardan heç kəsin duasını qəbul etmir. *Bir neçə gün bundan əvvəl nadir bir hadisə olaraq, Allah mələklərindən iki-üç nəfərini Həkimül-məmalikin yanına göndərmişdir. Həkimül-məmalikin qabiliyyətsizliyi üzündən onların gəlməsi də nəticəsiz qaldı. Yə’ni vücudunda taqət yox idi, ona görə də tab gətirmədi. Burnundan, qulaqlarından qan açıldı, təngnəfəs oldu, məqsədə çata bilmədi, yarı yoldan qayıtdı. Bu gün biz hamımız başlı-başına buraxılmışıq. Bizim yaxşımız da, pisimiz də tamamilə öz qabiliyyətimizin öhdəsinə atılmışdır. İndi hər bir naxoşluq təbiət qanunlarına müvafiq olaraq müalicə edilir və hər cür islahat təbii vəziyyətdə tətbiq oluna bilər. Fransız və ingilis əlifbasından bizim də az-çox xəbərimiz vardır. Onların əlifbasındakı qüsurlar bizim əlifbamızda olan qüsurlar qədər çox deyildir... Yəqin bil ki, əgər onların əlifbası da bu dərəcədə qüsurlu olsaydı, onlar da elmləri öyrənmək sahəsində bizim kimi aciz qalardılar; onların uşaqları da 3-4 il təhsil aldıqdan sonra öz əlifbaları ilə yazılmış qəzetlərini oxuya bilməzdilər və özləri də əlifbanı dəyişdirmək təşəbbüsündə olardılar. Yə’ni onların naxoşluğu da səninki qədər şiddətli olsaydı, müalicə olunmaq üçün şübhəsiz ki, xörəklərini azaldar, xinin yeyər və havalarını dəyişdirərdilər. Elə isə, əsassız təklif etmə! Bə’zi dəyişikliklər olmadan əlifbada islahat aparmaq mümkün deyil, vəssəlam! İslam əlifbasında heç nəyi dəyişmədən islahat aparmağı istəyən Süavi əfəndinin əqidəsinə qarşı Mirzə Fətəlinin tənqidi bitdi. *Nəvvabi-müstətabi-əşrəfi-valadan xahiş edirəm Tehran qəzetinin mühərririnə tapşırasınız ki, bu yazı üsulunu dəyişmək məsələsini qəzetin bə’zi nömrələrində məşvərət orqanının rə’yinə müvafiq olaraq yazıb, ölkənin hər tərəfində yaysın ki, bəlkə ətrafdan və xaricdən də fikir sahibləri öz əqidələrini bu barədə yazıb Tehrana göndərsinlər. Bizim həmməzhəbimiz olan bilik və kamal sahibləri bu günə qədər xalqın axirət dünyası mənafeyi barədə nə yazmışlarsa, kifayət edər. Qoy bundan belə öz fikirlərini xalqın dünyəvi mənafeyi uğrunda sərf etsinlər və xacə Hafizin bu beytini bir daha təsdiq etsinlər: “Mədrəsənin qiylü qalından ürəyim təngə gəldi. Qoy bir müddət də mə’şuqə və meyə xidmət edim”. Sentyabr ayı, 1868-ci il, Tiflis Sizə ixlası olan Mirzə Fətəli Axundzadə * * * Mehriban və əzəmətli Hacı Şeyx Möhsün xan, səadətiniz daimi olsun! Adres: Darül-kral Londonda. Dövləti-əliyyeyi-İranın səfiri, cəlal sahibi, mehriban və əzəmətli Hacı Şeyx Möhsün xan cənab- larına, Allah onun səadətini daimi etsin. Cəlal sahibi olan cənabınız mənim xalqıma mənsub olan birinci adamsınız ki, məni tanıdınız, məni hörmətəlayiq hesab etdiniz və ömrümün bu son dövründə kədərli qəlbimin təsəllisinə bais oldunuz. Xudavəndi-aləm sizi həmişə başıuca və adlı-sanlı etsin ki, qiymətli və sevimli olan bir vücudsunuz. Allah özü şahiddir ki, elə bir gün olmur ki, sizi xatırlamayım və mənim barəmdə etdiyiniz mehribanlıq və səmimiyyətə görə fərəhlənməyim. Sizin xoşniyyətli söhbətləriniz və tə’riflərinizin sayəsində mən Tehranda nazirlər və bütün zövq əhlinin yanında şöhrət qazanmışam. Oradan bu vilayətə gələn hər kəs mənimlə görüşmək istəyir. Mənim kimi müsibət görmüş bir insana bu e’tibarsız dünyada bundan yüksək mə’nəvi ləzzət ola bilməz. Nə qədər ki, sağam, sizin bu cür məhəbbət və mehribanlığınız üçün minnətdar olacağam. “Kəmalüddövlə”nin nüsxəsini, və’d etdiyim kimi, sizin mehriban qardaşınız sərhəng Məhəmmədağa vasitəsilə sizə göndərirəm və cəlal sahibi olan cənabınızdan bir neçə xahiş edirəm: Birincisi – bu kitabı mə’rifət, insaniyyət və əminliyinə möhkəm e’tibarınız olan adamlardan başqa heç kəsə oxumayın və göstərməyin! İkincisi – özünüzün inandığınız şəxslərdən başqa heç kəsə bu əsərin üzünü köçürmək icazəsini verməyin! Üçüncüsü – əsəri yazanın adını ancaq sirr saxlayan mö’təbər adamlardan başqa heç kəsə deməyin! Dördüncüsü – sirr verməyə layiq bildiyiniz və eyni zamanda elm sahəsində mö’təbər hesab etdiyiniz adamlara “Kəmalüddövlə”nin bütün məsələlərinə, bacarsalar, tənqid yazmağı təklif ediniz! Onlara deyiniz ki, “Kəmalüddövlə”nin məqsədi də bu əsərə tənqid yazmaqdır. Lakin onların tənqidlərində gətirdikləri dəlillər hədislərə və ehkama əsaslanarsa, qəbul edilməyəcəkdir və onlara heç bir əhəmiyyət verilməyəcəkdir. Adı sizə mə’lum olan bu əsərin müəllifi bir çox başqa əsərlərin də müəllifi hesab edilir. “Kəmalüddövlə”ni yazmaqdan onun heç bir şəxsi-qərəzi, Allaha pənah, yoxdur. Çünki o, İrana və islam xalqlarına əsla ədavət bəsləmir. Hal-hazırda Avropa və Yengi Dünyada da belə bir mübahisə meydana atılmışdır. Onlar, puç əqidələrin ölkə və xalqın səadətinəmi, yoxsa məmləkətin və xalqın bədbəxtliyinəmi səbəb olduğunu axtarırlar. O ölkələrin filosoflarının böyük bir hissəsi belə bir əqidədədirlər ki, puç dini əqidələr ölkənin və xalqın fəlakətinə və bədbəxtliyinə səbəb olur. Hətta onların ən məşhurlarından olan və son zamanlarda yaşayan ingilis filosofu Boklun dünyada şöhrət qazanıb hamı tərəfindən qəbul edilmiş əsərlərində bu əqidə başqalarının əsərlərindəkindən daha dərin qoyulmuşdur. Bokl öz iddialarını sübut üçün göstərir ki, puç əqidələrin, keşişlərin və əfsanə söyləyən papanın ardınca gedən İspaniya (yə’ni Əndəlis), Şvetsiya və İtaliya xalqları müasir elmləri və sənətləri öyrənmək sahəsində gündən-günə geridə qalırlar. Halbuki, bu puç əqidələrin zəncirindən xilas olaraq, ağıl və hikməti rəhbər qəbul edən İngiltərə, Fransa və Yengi Dünya xalqları elm və sənaye sahəsində gündən-günə, saatdan-saata irəliləyirlər. Bu ölkələrdə tərəqqi edən elmin nəticəsində böyük ixtiralar və yeniliklər meydana çıxmışdır. Elm bəşəriyyətin asudəçiliyinə və səadətinə səbəb olmuşdur. Avropa xalqları isə elm və maarif sahəsində böyük tərəqqilərə nail olmuşlar. “Kəmalüddövlə”nin müəllifi də Avropa filosoflarının əqidəsində olan bu adamdır. Yə’ni liberaldır, tərəqqi və mədəniyyət tərəfdarlarından sayılır. Onun məqsədi bundan ibarətdir ki, xalqın içərisində bütün siniflərə mənsub olan adamlar elmlərin və sənayenin tərəqqisinə nail olsunlar. O, bu məqsədə çatmaq üçün öz imkanları daxilində bir neçə vasitəyə əl atmışdır. O vasitələrdən biri də köhnə əlifbanı dəyişdirmək əqidəsidir. O istəyir ki, onun xalqının qəlbində də qeyrət, namus, ədalət, bərabərlik, xalqı və vətəni sevmək hisslərinin toxumu əkilsin. O, xalqın içərisində olan nifaq və ədavətin birlik və səmimiyyətə çevrilməsini, zəlillik, yoxsulluq və dilənçiliyin aradan qaldırılmasını arzu edir. O, xalqın sərvət və qüdrət sahibi olmasını istəyir. O bilir ki, dini əqidələrin əsası yıxılmayınca onun bu arzuları yerinə yetməyəcəkdir. Çünki, dini əqidələr insanların həqiqəti görən gözünü pərdələyir və onların dünya işlərində irəliləməsinə mane olur. Buna görə də öz mə’lumatı dairəsində əqidələrini qələmə almışdır. “Kəmalüddövlə”nin yazılmasının yeganə tələbi budur! Bundan başqa səbəb təsəvvür edilə bilməz! Əgər bu əsərdəki məsələlər bə’zi adamların nəzərində ölkənin və xalqın zərərinə səbəb olan görünərsə, onu olmamış kimi düşünə bilərlər. Çünki əsər hələ çap edilməmiş və yayılmamışdır, bundan sonra da onu çap etdirmək fikrində olan yoxdur. Avam camaatı aldadan şarlatanlar xalqın mə’lumatının və uzaqgörənliyinin olmadığından istifadə edərək, hicrətdən bu günə qədər İran torpağında nə qədər fitnələr və qırğınlar törətmiş və bu ölkədə yaşayanların yurdunu xaraba qoymuşlar?! Biz yazıqlar nə vaxta qədər bu kimi qərəz sahibi və xudpəsənd adamların əlində oyuncaq aləti olacağıq? Biz hələ də qəflət yuxusundan oyanmamışıq və fırıldaqçı adamların hər bir mə’nasız sözü ilə özümüzdən çıxıb həyəcana düşürük. Necə ki, babilərin və onlar kimi başqa fırıldaqçıların puç sözləri ilə həyəcana düşdük. Hal-hazırda əgər Avropa ölkələrindən birində bir şəxs ortalığa atılıb özünün peyğəmbər, ya imam olduğunu iddia edərək, qədim dövrlərdə olan peyğəmbərlər və imamlar kimi xalqı öz dininə də’vət edib, mö’cüzə, kəramət və xariqələr göstərmək iddiasına düşərsə, camaat dərhal onu ya dəli hesab edib, müalicə üçün dəlixanaya göndərər, ya da ki, adamaldadan və şarlatan kimi yaxasından tutaraq, məhkəməyə cəlb edərlər. *Bu məsələləri cəlal sahibi olan cənabınız məndən daha yaxşı bilirsiniz və bu sözlərin haqq olduğunu təsdiq edirsiniz. Mənim deməyim yaxşı deyildir. Lakin qələmi ələ almışdım və bu sözlər ixtiyarsız olaraq fikrimə gəldi və yazmağa məcbur oldum. Ərəblər bizim minillik səltənətimizi zavala uğratdılar; şan-şövkətimizi bada verdilər, vətənimizi xarabazara çevirdilər və bütün bunlara əlavə olaraq, bizim boynumuza elə bir əlifba da bağlamışlar ki, onu sayəsində hətta adi savad sahibi olmaq belə bizim üçün ən çətin işlərdən olmuşdur. Bu qövmün bizim başımıza gətirdiyi müsibətləri təsəvvürə gətirən hər bir həssas adamı ağlamaq tutar. Bu qövmün rəhbərləri nə qədər ki, sağ idilər, biz onların qılıncı qorxusundan onlara itaət etməyə məcbur olmuşduq. İndi də ki, ölüb torpağa çevrilmişlər, onların ölülərinə bəndəçilik etməyimizlə fəxr edirik; görünüz, biz nə dərəcədə axmaq və nə dərəcədə qanmaz adamlarıq. İndi mənim son dərəcə təlaşım və arzum budur ki, heç olmazsa, öz xalqımı o qövmdən bizə yadigar qalmış bu iyrənc və murdar əlifbanın bəlasından xilas edim; xalqımızı cəhalət qaranlığından elmin işıqlığına çıxarım və əgər bu arzuma nail olaramsa, nə böyük xoşbəxtlik olar və dünyadan muradına çatmış bir insan kimi gedərəm. Siz bu yerlərdən keçib getdikdən sonra qələmimdən qəribə və məzəli şeylər çıxmışdır. İnşallah, əgər sağlıq olarsa və yenə də sizin yolunuz bu yerlərdən düşərsə, sizin fərəhli görüşünüzdən feyz alarkən, onları hüzurunuzda özüm sizə oxuyacağam. Məktubu imzasız və tarixsiz göndərirəm. Sizə ixlası olan... Yeni miladi ildə ə’lahəzrət böyük imperator tərəfindən mənə polkovniklik dərəcəsi əta edilmişdir. Bu məktubun və göndərdiyim sənədlərin sizə çatması barədə mənə xəbər verməyinizi xahiş edirəm. 4 fevral 1869-cu il * * * Köhnə islam əlifbasını dəyişdirmək barədə kolonel Mirzə Fətəli Axundzadənin keçən il əlahəzrət İran şahənşahının maarif nazirliyinə göndərdiyi izahatın surəti NAZİRLİYİNƏ GÖNDƏRDİYİ İZAHATIN SURƏTİ Köhnə islam əlifbasında qüsurlar mövcud olduğuna görə, mən həmin köhnə əlifba əsasında, nöqtələrin tamamilə atılması və saitlərin samit hərflərin yanında yazılmasını tə’min edən yeni bir əlifba ixtira edərək, hicri 1280-ci (1863-cü) ildə səadət evi İstanbula getdim və onu yüksək Osmanlı dövləti başçılarının nəzərinə təqdim edib, köhnə islam yazı üsulunun dəyişdirilməsinin faydalarını onlara ərz və izah etdim. Osmanlı Cəmiyyəti-elmiyyə məclisinin üzvləri mənim yeni əlifba layihəmi nəzərdən keçirib, bəyanatımı insafla təsdiq edərək, köhnə yazı üsulunu dəyişdirməyin faydalı bir iş olduğunu e’tiraf etdilər və şəriət nöqteyi-nəzərindən də onu dəyişdirmək işinə heç bir maneə tapmadılar. Yalnız bir məsələdə çətinlik olduğunu qeyd etdilər ki, sözlərin tərkibində hərflərin bitişikliyi mənim əlifbamda da saxlanıldığına görə çap işində olan çətinliyi aradan qaldırmır. Onlar dedilər ki: “Bizim zəmanəmizdə çap işi millət üçün zəruri olan ən mühüm məsələlərdəndir. Əgər əlifbanı dəyişdirmək lazımsa, bu dəyişiklik elə icra edilməlidir ki, onun nəticəsində çap işinin asanlaşmasına da nail olaq”. Bu mülahizəyə görə də mənim düşündüyüm vəziyyətdə köhnə yazı üsulunu dəyişdirmək Osmanlı Cəmiyyəti-elmiyyə məclisinin üzvlərinin xoşuna gəlmədi. Onlar xahiş etdilər ki, çap işinin asanlaşdırılması məqsədi ilə bizim sözlərimiz də bitişməyən hərflərdən tərtib olunsun, bütün nöqtələr atılsın və saitlərin hamısı samit hərflər sırasına daxil edilsin. Doğrudan da Osmanlı Cəmiyyəti-elmiyyəsindəki alimlərin fikri mə’nalı və ağlabatan idi. Ona görə ki, hərflərin biri digərinə bitişməsi üzündən, hər üç dildə, yə’ni ərəbcə, farsca və türkcə yazdığımız zaman əlifbamızdakı 32 samit hərfdən hər birisinin dörd şəkli olmalıdır: başda gələn şəkil, ortada gələn şəkil, axırda gələn şəkil və ayrıca yazılan şəkil. Necə ki, aşağıdakı sözlərin yazılışından aydın olur. Məsələn, istəyirik (əbd) yazaq. (ayn) hərfi bu sözün əvvəlindədir və bu şəklində yazılır. (bə’d) yazmaq istəyirik, həmin hərf ortadadır və bu şəklində yazılır; (cəm’) yazmaq istərkən yenə də həmin hərf bu dəfə sözün sonunda gəldiyi üçün şəklində yazılır. Nəhayət (icma) sözünü yazarkən həmin ayn hərfi ayrıca yazıldığına görə şəklində yazılır. Beləliklə, əlifbamızdakı 32 samit hərfi dördə vurduqca 128 olur. Doqquz sait hərfi, yə’ni hərəkələri də onlara əlavə etsək, 137 hərf olar. Belə olduqda, bizim mətbəələrin şrift qutularında 137 hərfin hər birindən külli miqdarda şirift olmalıdır ki, öz dilimizdə olan sözləri çap etməyin öhdəsindən gələ bilək. Hələ bundan əlavə, çap işində kəlmələr tərkibindəki hərflərin bitişik olması da xüsusi bir çətinlik törədir. Bu işin öhdəsindən gəlmək qeyri-mümkündür. Lakin əgər 137 hərf şəkli əvəzinə 42 hərf şəkli olarsa, bu işin asanlığı mə’lumdur. Məhz bu çətinliyin öhdəsindən gəlmək üçün bizə elə bir əlifba ixtira etmək lazım gəlir ki, onun nəticəsində üç məqsədə çatmaq mümkün olsun. Yə’ni, birinci – asan oxunmaq; ikinci – asan yazmaq; üçüncü – asan çap etmək. Ancaq belə olduqda köhnə əlifbanı dəyişdirmək vacib işlərdən sayıla bilər. Mən İstanbuldan qayıtdığım tarixdə, ikinci uşağımın ölümü üzündən çox kədərli və pərişan idim. Fikrim tamamilə dağınıq idi. Ona görə də islam yazı üsulunun deyişdirilməsinə daha əhəmiyyət verməyib sakit oturmuşdum ki, bu yaxın zamanlarda əziz qardaşım Melkum xandan bir məktub aldım. Mən onunla İstanbulda görüşüb tanış olmuşam və köhnə islam əlifbasını dəyişdirmək işində onun özümlə həmfikir olduğunu görmüşdüm. O, bu məsələ haqqında bir müddət fikirləşmiş, nəhayət, köhnə əlifbanı dəyişdirmək işinə iqdam etmiş və öz yeni əlifbasını Parisdə çap etdirib, tanış olmaq üçün mənə göndərmişdir. Melkum xanın düşündüyü bitişməz hərflər gözəllik və yaraşıq cəhətdən misilsizdir. Doğrudan çap işini asanlaşdırmaqdan ötrü bu hərflərdən daha gözəl bir şey təsəvvür etmək olmaz. Lakin o, çap işini asanlaşdırmaq üçün hərflərin bitişməzliyini əsas məqsəd hesab edib, iki başqa məqsəddən, yə’ni oxumağın asanlığı və yazmağın asanlığı məsələsindən diqqətini yayındırmışdır. Yə’ni, bir tərəfdən yeni əlifbada da nöqtələri saxlamış, digər cəhətdən hərəkələr üçün yeni şəkillər tətbiq etməmişdir. Üçüncü isə, yazı işində hərflərin mütləq fasiləli yazılmasını üstün tutmuşdur. Nöqtələrin qaldığı halda yazının yavaş yazılması aydındır. Çünki nöqtələri qoymaq üçün qələm hər dəfə kağızın üzərindən götürülüb təzədən qoyulmalıdır ki, bu da yazının yavaş yazılmasına səbəb olur. Bütün saitlər samit hərflər sırasına daxil olmadıqda, oxumaq işində ən böyük çətinlik əmələ gəlir. Bəlkə də Melkum xan elə zənn edir ki, bizim köhnə əlifbanın çətinliyi ancaq hərflərin kəlmələr tərkibində bir-birilə bitişməsi üzündəndir və həmin fikirlə də kəlmələrin tərkibində hərflərin aralı və bitişik olmasını asanlaşdırmanın yeganə yolu hesab edir. Ancaq belə deyildir. Bizim köhnə yazının çətinliyi saitlərin sözlərin tərkibində gizlənməsindədir. Yə’ni saitlərin samit hərflər sırasına daxil olmamasındadır. Məsələn: (nəsr) sözünü alaq. Birinci – (nəsərə) əgər mə’na e’tibarilə qayib kişinin təklik halında keçmiş zaman fe’lidirsə; ikinci – (nüsirə) əgər məchul fe’ldirsə; üçüncü – (nəsrin) əgər məsdər siğəsində əlif və lamsız fail hesab olunursa; (nəsrün minəllahi – kömək Allahdandır) kimi; dördüncü – (nəsrin) əgər bu siğədə əlif və lamsız müzafün-ileyhdirsə (kəmərirtü bizi nəsrin – bir kömək sahibinin yanına getdim) kimi; beşinci – (nəsrən) əgər əlif və lamsız məsdər siğəsindədirsə, məf’ul hesab olunur (Kəs’əəltü nəsrən minəllahi – Allahdan kömək istədim) kimi. Bundan əlavə, bu şəkildə sözün sonundakı əlifə görə o, mə’lum, qayib, kişi cinsli iki şəxsin keçmiş fe’linin mə’nasını da verir. Altıncı – (nəsrü) əgər məsdər siğəsində izafə edilən faildir. (kəiza caə nəsrüllahi – o zaman ki, Allahın köməyi çatdı) ön qoşma qəbul etmiş kimi; yeddinci – (nəsri) əgər məsdər siğəsində daxildirsə, önlük və tə’yin hərfidir (kəfəztü min nəsrillahi – Allahın köməyilə qalib gəldim) kimi; səkkizinci – (nəsrə) əgər məsdər siğəsindədir (innə) (həqiqətən) isimdir (kəinnə nəsrəllahi liqəribün – həqiqətdə Allahın köməyi yaxındır) kimi; doqquzuncu – (nəsr) əgər cəm kəsrəlidirsə, ism-faildir. Onuncu – (nüssər) əgər bu siğədə sad təşdidlidirsə... və i.a. Bütün ərəb sözləri belədir*. Bir insan ömrü heç bir göstərici dəlil olmadan bütün bu variantları, yə’ni hərəkələrin hamısını əhatə etmək üçün çatışmaz. İnsanların əksəriyyəti ya hafizələrinin zəifliyi, ya da hövsələlərinin azlığı üzündən onları dərk edib yadda saxlamaq qüdrətinə və taqətinə malik olmur. Buna görə də uşaqlarımızın çoxu oxumaqdan təngə gəlib məktəbdən qaçırlar. E’rab (saitlər) kəlmələrin tərkibində əks edilmədiyindən ömrümüzün ən gözəl illərini, yə’ni cavanlığımızı sərf və nəhvi öyrənib təkmilləşdirmək üçün hədər etməyə məcburuq. Halbuki, bu cüz’i işi altı ay və ya bir ildə başa çatdırmaq olar. Buna görə də, yə’ni cavanlığımızı – ömrümüzün ən gözəl illərini boş yerə tələf etdiyimizdən ali və vacib bilikləri öyrənməkdən acizlik çəkir, onlardan məhrum qalırıq. Dönə-dönə belə hallar olmuşdur ki, mən istər Qafqazda, istərsə də başqa yerlərdə ən məşhur müsəlman alimlərini imtahan məqsədi ilə ərəbcə kitab oxumağa vadar etmişəm. Onlar nə qədər çalışmışlarsa da, yenə hər səhifədə beş-altı dəfə, bə’zən də on dəfə sözlərin oxunuşunda səhv buraxmışlar. Hələ indiyə qədər elə bir molla görməmişəm ki, şəriət məsələsi olan bu cümləni birinci dəfə oxuya bilsin: (Qənimət görən hər bir adam cərimə də çəkməlidir). Yə’ni vəfat etmiş bir adamın malından qənimət, yə’ni miras aparan hər bir şəxs, qəramət də verməlidir. Yə’ni ölən adamın borcunu ödəməlidir. Hətta sərf və nəhv qaydalarını bilmək, necə ki lazımdır, ibarələri düzgün oxumaq üçün kifayət etmir. Buna görə də biz Qur’ani-məcidi düzgün oxumaq üçün hərflərin üstünə və altına fəthə, kəsrə və zəmmə düzməyə məcbur oluruq. Bə’zi ə’yanlar və sərvət sahiblərindən başqa xalqın əksəriyyəti əlifbanın çətinliyi üzündən öz ana dillərində savad almaqdan belə məhrum qalır. Əgər əlifbamız asan olsaydı, sait hərflər samit hərflərin sırasında yazılsaydı, Qur’ani-məcidi oxumaq üçün təkcə bir ay kifayət edərdi. Yə’ni uşaqlar onun bir cüzvünü oxuyub bitirdikdən sonra Qur’ani-məcidi başdan-başa oxuya bilərdilər. Avropalıların uşaqları iki il oxuduqdan sonra onların istilahında matematika deyilən hesab elmində çətin məsələləri həll edirlər. Lakin bizim uşaqlar bu müddətdə hələ “vəlfəcri” höccələməklə məşğul olurlar. Yazıq qadınlarımız savaddan tamamilə məhrumdurlar. Əgər əlifba asan olsaydı, qadınların əksəriyyəti savadlanardı və bundan sonra öz həmcinslərinə müəllimlik edərdi. Avropa məktəblərinin çoxunda qadınlar qızların tə’lim və tərbiyəsilə məşğul olurlar. Bizim yazı üsulumuzdakı əsas çətinliyin səbəbi sait hərflərin samit hərflər sırasına daxil olmamasıdır və əsas məqsəd də onların kəlmələrin tərkibində yazılmasıdır. Çap işlərini asanlaşdırmaq üçün hərflərin aralı və bitişməz olması ikinci dərəcəli məqsəddir. Digər cəhətdən isə kəlmələrin tərkibində hərflərin mütləq aralı yazılması da yazı işi üçün böyük eyiblərdən sayılır. Məsələn, biz bunu bilməliyik ki, hər cür xəttin sol tərəfdən sağ tərəfə çəkilməsi onun sağdan-sola çəkilməsindən asandır. Kağız üzərinə səttarə qoyub, cədvəl çəkənlər bu fikrin doğru olduğunu təsdiq edə bilərlər. Buna görə də yazını sağdansola yazan biz müsəlmanlar öz-özümüzü çətinliyə düçar etmişik. Lakin nə etməliyik? Təqsir bizdə deyil, təqsir bizim babalarımızda və ulu babalarımızdadır ki, yazımızı sağdan-sola icad etmişlər. Biz isə özümüzü bu üsulu dəyişmək qüvvəsinə malik bilmirik. Sağdan-sola yazdığımız üçün bizə mütləq lazım gəlir ki, mürəkkəbimiz avropalıların işlətdiyi mürəkkəb kimi, su ki, axıcı olmasın. Buna görə də mürəkkəbimiz qatı və ipək tellərinə suvaşıq olmalıdır. Bunun nəticəsində də məcbur oluruq ki, yazı yazdığımız zaman tez-tez yazıdan əl çəkib məəttəl olaq, ipək tellərini qələmin yarığından təmizləyək. Həm də biz quş lələyi ilə yaza bilmirik, qamış qələm ilə yazırıq ki, onu yonmaq da yazı yazarkən tez-tez təkrar olunur və katibi quş lələyindən xeyli artıq məəttəl edir. Eyni zamanda, biz avropalılar kimi sür’ətlə yaza bilmirik. Yazını yavaş yazmağa məcbur oluruq. Həm də kürsü üzərində oturub, masa üstündə yaza bilmirik; məcburuq ki, yerdə oturub belimizi əyək və yazını dizimiz üzərində yazaq. Əlbəttə, birinci vəziyyətdə oturub yazmağın ikinci vəziyyətdə oturub yazmaqdan rahat olduğu hər kəs üçün aydındır. Belə olduqda əgər biz də avropalılar kimi yazımızı aralı və bitişməz hərflərlə yazsaq, saxlanılan başqa qüsurlarla bərabər, bir səhifə kağızı yazarkən əvvəlkindən iki qat artıq vaxt sərf etməliyik. Buradan da mə’lum olur ki, bizim ata-babalarımız hərflərin bitişikliyini gecikməni aradan qaldırmaq üçün tətbiq etmişlər ki, yazı yazarkən qələm dalbadal kağızın üzərindən götürülməsin və görünür ki, məhz buna görə də kufi xəttində nöqtələr yox idi. Əgər hərflərin yazı üsulumuzdan mütləq aralı yazılmasını qəbul etsək, o zaman məcburuq ki, biz də avropalılar kimi, soldan-sağa yazaq. Əgər belə olarsa, bütün çətinliklər aradan qalxar. Əgər belə etsək, Melkum xanın düzəltdiyi əlifba saitləri onların sırasına daxil edib, nöqtələri də atmaq şərti ilə, həm yazı, həm də çap işi üçün son dərəcədə rahat və asan bir vasitə ola bilər və mənim fikrimcə heç kəs bu hərflərdən daha gözəl hərflər düşünə bilməz. Lakin görünür ki, əlifbanı bu cür dəyişdirmək, yə’ni avropalılar kimi yazını soldan-sağa yazmağı qəbul etmək bizim qüvvəmizdən xaricdir. Odur ki, biz elə bir əlifba yaratmalıyıq ki, onun hərflərindən hər birinin ancaq bircə şəkli olsun ki, bunun nəticəsində də çap işlərimiz asanlaşmış olsun və əgər o müxtəlif şəkillər yazının sür’ətlə yazılması xatirinə əsil tərkibini itirmədən bir-biri ilə bitişsələr və bu bitişmə əlaməti hərfin tərkib hissəsi hesab olunmayıb, sür’ətlə yazmaq vasitəsi olarsa, mətləbə xələl yetirməz. Belə olduqda çap işləri üçün Melkum xanın yaratmış olduğu hərfləri qəbul edərik, nöqtələri tamamilə onlardan atarıq, həm də bu hərflərin biri-digərindən aydın seçilməməsi qüsurunu da aradan qaldırıb, sait hərfləri bildirmək üçün xüsusi şəkillər (hərflər) yaradıb bu əlifbaya əlavə edərik və bu yol ilə də çap işindəki çətinliklərdən birdəfəlik xilas olarıq. Bundan sonra yazı işlərinə qayıdarıq və yenə də Melkum xanın çap hərflərinə oxşar hərflər düşünüb, bitişmə əlamətləri ilə birlikdə tətbiq edərik ki, yazı yazdığımız zaman samitlər saitlərlə, yə’ni e’rabla bitişə bilsinlər; belə olduqdan sonra (a, d, z, r, z, j, v)dən ibarət olan yeddi hərf üçün də elə şəkillər düşünməliyik ki, özlərindən sonra gələn hərflərlə bitişib, qovuşmağa qabil olsunlar. Bu yol ilə də yazı işində olan əziyyətdən də xilas ola bilərik və demək, hər üç məqsədimizə, yə’ni oxumağı asanlaşdırmaq, yazmağı asanlaşdırmaq və çap işini asanlaşdırmaq məqsədimizə nail ola bilərik. Əlifbamızın hərflərinin sayı da 41-ə endirilər ki, bunlardan 32-si samit, 9-cu sait hərflər, yə’ni e’rab adlanar. Yazıda yüngüllük məqsədilə təşdidi də saxlasaq, münasib düşər. Köhnə əlifbamızı dəyişdirmək barədə mən Mirzə Fətəli Axundzadənin dövləti-əliyyeyi-İranın Maarif Nazirliyinə göndərdiyim izahatın surəti bundan ibarətdir. İndi isə özümün həmin fikrimi böyük Osmanlı dövlətinin vəkalətpənah, şərafət sahibi olan sərkar sədr-ə’zəmi həzrətlərinə ərz edib, xahiş edirəm ki, əvvəla göstəriş versinlər ki, mənim həmin fikrimi Osmanlı Cəmiyyəti-elmiyyəsində müzakirə edib, dəlillər əsasında ya qəbul və ya rədd etsinlər. Sonra isə onu çap etdirib yaysınlar. Əgər bu rə’ylərdən sonra böyük Osmanlı dövlətinin başçıları elm və maarifi yayıb inkişaf etdirmək üçün köhnə islam əlifbasını dəyişdirməyin vacib iş olması barədə həmrə’y olarlarsa, o zaman bir müşavirə çağırıb, Melkum xanın özünü də oraya də’vət edərək, rə’y birliyi ilə Şərq dillərini öyrənmək və yaymaq üçün lazım olan bütün şərtləri əhatə edən yeni bir əlifbanı qəbul etsinlər. Yeni yazı üsulu üçün tətbiqi lazım gələn bə’zi sərf-nəhv və imla qaydalarına gəlincə, onların hamısı mənim hicri 1280-ci ildə böyük Osmanlı dövlətinin başçılarına təqdim etmiş olduğum birinci kitabçamda izah edilmişdir. Bə’zi məsələləri isə lazım gələrsə, ona əlavə etmək olar. Yenə də təkrar etməyə cəsarət edirəm ki, əgər yeni qayda baş tutarsa, bütün nöqtələrin atılması və bütün e’rabın (saitlərin) hərflər sırasına daxil edilməsi vacib məsələlərdəndir. Bu iki şərt olmadan heç bir yeni dəyişiklik fayda verməyəcəkdir. Sakin nun (n) dan ibarət olan tənvinlər də yazıda və çapda görünməlidir. Yə’ni əgər tənvin rəf ilədirsə, qabağına zəmmə qoyulub, ardı sakin nun (n) gətirilsin; əgər nəsb ilədirsə qabağına fəthə və əgər cərr (önlük) ilədirsə, qabağına kəsrə qoymaq yolu ilə buna nail olmalıdır. Habelə farsca və türkcə bə’zi sözlərin, məsələn: (demiş), (qul), (görmüş) və (yer) dedikdə və bunlara oxşar sözlərin sonunda gələn açıq həmzə əvəzinə (h) olmamalıdır, bəlkə də xüsusi bir şəkil düşünülməlidir ki, sözün istər əvvəlində və axırında, istərsə də ortasında açıq həmzə yerinə həmin şəkil yazılsın. Əgər yığıncağın iştirakçıları yazı üsulunu dəyişdirmək barədə həmfikir olsalar, o zaman çox asanlıqla bu məsələ barəsində sözdən işə keçmək olar. Məsələn, qərar qəbul etmək ki, hələlik yeni əlifbanı çap edib, ölkənin hər tərəfinə göndərsinlər və çox ucuz bir qiymətlə dövlətin təbəələrindən hər birisinə istəsə də, istəməsə də, ondan birər nüsxə versinlər. Sonra belə bir fərman verilməlidir ki, bütün müəllimlər və məktəbdarlar yeni əlifbanı uşaqlara öyrətsinlər və daha sonra Böyük Pyort kimi məcbur etmək lazım gəlir ki, rəiyyətlərin və əsilzadələrin bütün uşaqları hökmən bu yeni üsulu öyrənsinlər. Böyük Pyort dəxi köhnə rus əlifbasını ruhanilərin narazı olmasına baxmayaraq, dəyişdirmişdi. Ruhanilər yeni əlifba ilə oxuyub yazmaqdan imtina etdikləri zaman Böyük Pyort onlardan əl çəkib buyurdu ki, gedin, köhnə əlifbanı sizə və sizi köhnə əlifbaya tapşırıram. Mən öz yeni üsulumu ölkəmin rəiyyətləri və əsilzadələrinin hümməti ilə həyata tətbiq edəcəyəm. Bu günə qədər belə, rus ruhaniləri kilsələrdə olan kitabları həmin köhnə rus əlifbasında yazır və oxuyurlar ki, onun da çətinliyi və şəkilləri bizim köhnə əlifbanın, demək olar ki, doğma qardaşıdır. Bundan sonra isə böyük Fridrix kimi hökm edələr ki, istər şəhərlərdə və istərsə də kəndlərdə, habelə elat içində heç bir adamın ixtiyarı yoxdur ki, öz uşaqlarını doqquz yaşından 15 yaşına qədər yeni üsulda oxuyub yazmağı öyrənməkdən başqa bir işə və peşəyə qoysun. Hər bir kəndin əhalisini və hər bir köçəri tayfanı məcbur etmək lazımdır ki, öz uşaqlarını oxudub tərbiyə etmək üçün bir nəfər müəllim saxlasınlar. Böyük Fridrixin qanununa əsasən ölkənin müdafiəçisi və xalqın hamisi olan padşahın öz ölkəsinin təbəələrindən hər bir şəxsin uşağı üzərində həmin uşağın atası qədər ixtiyarı vardır. Buna görə də əgər padşah bu uşağı onun öz xoşbəxtliyi naminə doqquz yaşından on beş yaşına qədər ancaq yazıb oxumağı öyrənməyə məcbur edərsə, aydındır ki, bu cür məcburiyyəti zülm adlandırmaq olmaz. Əksinə, bu, məhəbbət və mehribanlıq əlamətidir ki, bizim istilahımızda ona icbari kömək deyərlər. Elm və mə’rifət öyrənmək təkcə məişət və güzəranı tə’min üçün lazım deyil, əksinə, insanların əxlaqını saflaşdırmaq, onların işini və rəftarını yaxşılaşdırmaq sahəsində də elm və bilik təcrübədən keçirilmiş əsas vasitələrdəndir. Avropada filosoflar meydana gəlincəyə qədər, Roma papaları xalqın elm və bilik əldə etməsinə mane olurdular. Lakin eyni zamanda, onlar keşişlər və vaizlər vasitəsilə xalqı həmişə xeyirxahlığa, xoşrəftarlığa və təmizəxlaqlı olmağa də’vət edirdilər ki, onların bu təlaşı da heç bir nəticə vermirdi. Şərarət və pozğunluq hər yerdə gündən-günə artırdı. Lakin elə ki, o ölkələrdə çap işləri ixtira olundu və xalqlar filosofların rəhbərliyi ilə papaların itaət boyunduruğunu boyunlarından atdılar, elm və bilikləri öyrənməyə başladılar, nəinki mədəni tərəqqi yoluna düşdülər, həm də Asiyaya nisbətən Avropada pozğunluq və şərarət son dərəcə azalmağa başladı. Biz müsəlmanlar isə, hicrətdən bu günə qədər minbərlərdə, məscidlərdə, camelərdə və məclislərdə ruhanilər vasitəsilə cahilləri xeyir əməllərə və yaxşı əxlaq sahibi olmağa çağırırıq. Bu xüsusda onlara cürbəcür moizələr oxuyub, nəsihətlər veririk. İndi baxaq görək, bizim moizə və nəsihətimiz onların təbiətinə nə kimi tə’sir bağışlamış və bizim 1286 il müddətində çəkdiyimiz zəhmətin nəticəsi nə olmuşdur? Oğrular, quldurlar və qatillər həmişə cahillər içərisindən çıxmış və indi də çıxmaqdadır. Moizə və nəsihət vasitəsilə onların əxlaqını yaxşılaşdırmaq yolunda bizim sə’y və zəhmətimiz hədərə getmiş və nəticəsiz qalmışdır. Beləliklə, sabit olur ki, behişt və’dəsi verib, cəhənnəmdən qorxutmaq yolu ilə verilən nəsihətlər insanları pis əməllərdən çəkindirib, yaxşı əxlaq sahibi etmək üçün kifayətləndirici və tə’sirli vasitə deyildir. Bütün cahillər behişt və cəhənnəm haqqında söhbətləri eşitmişlər və bu söhbətlərə inanırlar; lakin inanmaqla bərabər, pis əməllərdən əl çəkmirlər. O müsəlmanlar ki, Afrikada azyaşlı oğlan uşaqlarını tutub rəhmsizcəsinə axtalayır və islam ölkələrində satırlar, habelə o şəxslər ki, bu bədbəxt uşaqları baha qiymətə satın alıb və onları bədbəxt edənləri bu çirkin əməl üçün şirnikdirirlər, hamısı dindar, hamısı cənnət və cəhənnəmə inanan adamlardır. İndi sual olunur: əgər onlar elm və bilik sahibi olsaydılar, öz həmcinsləri haqqında bu kimi rəhmsizliyə yol verərdilərmi? Pis və çirkin əməlləri tərk etmək üçün yeganə tə’sirli vasitə elmdir. Bütün dünyada alimlər, ariflər və mütəfəkkirlər içərisindən bir nəfər də olsun oğru, quldur və ya qatil çıxdığını görən və ya eşidən adam tapılarmı? Əlbəttə xeyr! Bunun səbəbi isə tamamilə aydındır. İnsan şəriət kitablarını və filosofların əsərlərini oxumağı bacardıqda, onun ağıl güzgüsü seyqəllənir və həqiqət onda görünür; hər bir yaramaz əməlin çirkinliyi onun gözünün önündə cilvələnir və belə olduğuna görə, bilikli insan ar-namus sahibi olur; pis işlərə qoşulmaqdan utanır. Yeni yazı üsulu nəşr edildikdən sonra himayəmiz altında olan ölkələrdə mö’təbər bir alimin sədarəti altında xüsusi bir cəmiyyət yaradıb, 10-12 nəfər alimi orada əyləşdirmək olar ki, bizə zəruri olan kitabları köhnə yazıdan təzə yazıya köçürsünlər. Kitablardan hər birisi hazır olduqda, onu çap etdirib münasib qiymətlə satmaq üçün ölkənin hər tərəfinə göndərmək olar ki, bu satış nəticəsində əldə edilən gəlirlə həm cəmiyyət üzvlərinin maaşını və həm də başqa xərcləri ödəmək mümkün olsun. Şübhəsiz ki, bu tədbir nəticəsində 2-3 ildən sonra cəmiyyətin gəliri çıxarından iki qat çox olacaqdır və belə olduqda, gəlirin çoxluğundan yığılan məbləği mətbəələrin və məktəblərin yaradılmasına və genişləndirilməsinə sərf etmək olar. Yeni üsul tətbiq olunduqdan sonra həmin cəmiyyətdə olan alimlər köhnə sərf-nəhv qaydalarını tamamilə alt-üst edib, yeni üsula uyğun olaraq, ərəb, fars və türk dilləri üçün üç cilddən ibarət müxtəsər sərfnəhv qaydaları yazaraq, sözlərin “faəl-feil” və “eynəl-feil”inin ixtilafını izah etməyə əsla əhəmiyyət vermədən bütün məktəblərdə onun tədrisinə başlayarlar. Yeni üsulun tətbiqindən sonra sözlərdəki “fəal-feil” və “eynəl-feil” saitlərini ayırd etmək bütünlüklə lüğət yazanların işi olar. Onlar bu işi hazırda mövcud olan üsulun əksinə olaraq, sözlərin düzgün tələffüzünü izah etmək dəlilləri kimi deyil, sadəcə fəthə, kəsrə və zəmməni əvəz edən saitləri yazmaqla tə’yin etməlidirlər. Yə’ni, bu gün lüğət yazanlar hər bir sözü şərh etdikdə, əlifbadakı qüsurlar üzündən hövsələyə sığmayan cürbəcür vasitələrə əl atmağa məcbur olurlar ki, bəlkə bunların köməyi ilə oxucu axtardığı sözün oxunuşunda səhvə yol verməsin. Məsələn: sütunavəndə sözünün izahında yazırlar: Sütunavəndə – birinci və ikinci hərfləri zəmməli, sakin nun, uzanan həmzə, fəthəli vav, əbcəd dalı və ikinci nunun sakinliyi ilə bir sütun üzərində dayanan eyvanın qabağına deyirlər. Yeni üsul tətbiq olunduqdan sonra bu xoşagəlməyən çətinliklər tamamilə aradan qalxacaqdır. Eləcə də ölkələrin, yerlərin, kəndlərin, şəhərlərin adlarını, habelə saysız-hesabsız əcnəbi sözlərini eynilə öz dilimizə köçürməli olduğumuz üçün bundan sonra yeni üsulla çox aydın və düzgün yaza biləcəyik. Halbuki, hazırkı hərflərimizdə bu kimi adların və sözlərin düzgün yazılışı qeyri-mümkündür. Sərf-nəhvin yeni qaydasında ancaq sözlərin sonluğu və bə’zi başqa məsələlər haqqında mə’lumat vermək lazım gələcəkdir. Beləliklə də müsəlman balaları və Şərq dillərini öyrənmək istəyən bütün adamlar artıq köhnə sərf-nəhv qaydalarını öyrənməyə ehtiyac hiss etməyib, böyük bir əzabdan xilas olaraq gənclik günlərini qiymətli bilikləri öyrənməyə sərf edəcəkdirlər. Ümid edirəm ki, böyük Osmanlı dövlətinin başçıları bütün xalqın dünya və axirət səadətini tə’min edən bu böyük məsələyə ciddi fikir verib razı olmayacaqlar ki, əlacı yalnız bilik və savadda olan 300 milyondan artıq islam xalqları korluq və cəhalət bəlasına həmişəlik mübtəla olaraq qalsınlar. Mən ruhanilərin bu işə mane olacaqlarını zənn etmirəm. Əgər mane olmaq istəsələr, onlar böyük Osmanlı xalqının düşmənidirlər. Bir halda ki, xalqların müxtəlif vasitələrlə tərəqqi etməyə mail olduqları göz qabağındadır, o zaman hansı bir işə iqdam etmək olar ki, xalqa onun faydası köhnə əlifbanı dəyişdirməkdən üstün ola bilsin? Dəmiryol vacibdir, lakin köhnə əlifbanı dəyişdirmək ondan daha vacibdir. Teleqraf vacibdir, lakin köhnə əlifbanı dəyişdirmək ondan da vacibdir. Çünki bütün işlərin əsası bilikdir; bilik isə əlifbanın asan olub-olmamasından asılıdır. Yazımızın çətinliyi nəticəsində biz elmdən məhrum qalırıq, savad və bilik əldə etməkdən acizik. Belə bir əlac düşünmək lazımdır ki, biz də, istisnasız olaraq hamımız azacıq bir sə’ylə alman milləti kimi savadlanıb, kitab oxumağa qadir olaq. Oxumuşların sayı çox olan ölkələrdə təfəkkür sahiblərinin sayı da çox olur. Təfəkkür sahiblərinin çox olduğu ölkədə isə həyatın bütün sahələrində xalq gündən-günə tərəqqi edə bilər. Biz belə bir vəziyyətə nə üçün gərək təəssüf etməyək ki, 300 milyonluq islam xalqları içərisində savad və bilik sahibi olanların sayı 2-3 milyondan artıq deyildir. Köhnə əlifbanı dəyişdirməkdən başqa bu dərdin əlacı yoxdur. Hicrətdən bu günə qədər biz həmin dərdə düçarıq, indi ki, dərdimizi anlamışıq, əlacını da tapmışıq, bəs nə üçün onun müalicəsinə başlamayaq? Əlifbanı dəyişdirməyin ehtimal olunan zərəri bu işin verəcəyi mənfəət müqabilində Qülzum (Qırmızı) dənizi müqabilində bir qətrə kimidir. “Əlifba dəyişildikdən sonra filan qədər kitabımız məsrəfsiz qalıb, zay olacaqdır”, – deyən ağılsızların sözünə əsla əhəmiyyət verilməməlidir. Onlar qəflətdədirlər. Bizim bu gün nə kimi kitablarımız vardır? Yə’ni bizdə yüksək məzmunlu, ciddi əhəmiyyətli, nəfis elmlərdən xəbər verən kitablar yoxdur. Bundan sonra inşallah bizim bu kimi kitablarımız olacaqdır. Avropa və Yengi Dünya xalqlarının malik olduğu təbabət, fəlsəfə, riyaziyyat, coğrafiya, hərbi, dənizçilik, mühəndislik elmi, tarix, inşa, inzibati hüquq, iqtisad, əkinçilik, mə’dənşünaslıq, təbiiyyat, astronomiya, hey’ətşünaslıq, kimya, sənaye və texnikanın müxtəlif sahələri və növlərindən bəhs edən elmi kitabların müqabilində bizim kitabların əksəriyyəti “Çehil tuti” (Qırx tutu) kitabı kimi əhəmiyyətsiz bir şeydir. Biz “Məsaibül-əbrar” üçünmü heyifsilənəcəyik və ya “Əbvabül-cinan”ın dərdini çəkəcəyik?! Qoy, qiyamət gününə qədər bizim nadanlığımıza dəlalət edən və avropalıların nəzərində bizim ağıldan naqis olmağımıza şahid sayılan bu cür əsərlər birdəfəlik itib-batsınlar. Bizdə bə’zi kitablar da vardır ki, onları ya gərək öz əlimizlə odlayıb yandıraq, ya da çaylara tullayaq. O cümlədən, bizdəki qədim təbabət kitablarını göstərmək olar ki, onların varlığı üzündən yalançı təbiblərin əli ilə kürur-kürur insanlar təbii əcəlləri yetişmədən həlak olurlar. Bu gün bizim əlimizdə fiqh, təfsir və lüğət kitablarından, hesab, nücum və coğrafiyaya aid, habelə bə’zi tarixi hadisələrdən bəhs edən əsərlərdən başqa bir şey yoxdur. Bu kitabları isə köhnə əlifbadan yeni əlifbaya köçürmək heç də çətin bir iş deyildir. Mirzə Fətəli Axundzadə 1870-ci il, yanvar ayı, Tiflis şəhəri * * * Mirzə Yusif xana Əzəmətli ağam Mirzə Yusif xan, Allah səadətinizi artıq eləsin! Ramazan ayının 6-sı tarixli məktubunuz yetişdi və min cür sevinc və şadlığıma səbəb oldu. Birinci – Əli xan barədə sizə yazıram ki, sə’y və təlaşda olasınız ki, o, tezliklə xarici ölkələrdən birində səfir olsun! Əgər belə bir vəzifə onun əlinə keçərsə, mən zamin oluram ki, sizin evin kirayəsi hər üç il üçün əyər-əskiksiz sizə çatacaqdır. Əgər xaricdə belə bir vəzifə olmazsa, çalışın ki, o, İran vilayətlərindən birində hakim olsun. O zaman yenə də sizin pulunuz vüsul olacaq və siz öz haqqınıza çatacaqsınız. Buna heç bir şübhə ola bilməz. Lakin Əli xanın özü bu iki vəzifədən hər hansında olursa olsun, işdən çıxarkən yenə də çoxlu borca tutulacaqdır. Buna da heç bir şübhə ola bilməz. Fərqi ancaq bundadır ki, o zaman tələbkar siz deyil, başqa adamlar olacaqdır. İkinci – şə’niyüksək dostumuzdan son dərəcədə razıyam və ona çox təşəkkür edirəm ki, mənim komediyalarımın tərcüməsinə əmr vermişdir. Qismət olarsa, komediyalar çapdan çıxandan sonra 3-4 nüsxə mənim üçün hədiyyə göndəriniz və əziz mütərcimə deyiniz ki, “Sərab xanının hekayəti”ni hər yerdə “Lənkəran xanının hekayəti” yazsın. Çünki mənim xəbərim olmadan, mətbəədə Lənkəran sözünü Sərab sözü ilə əvəz etmişlər. Sərab səhvdir, Lənkəran yazılmalıdır. Çünki Sərabın yanında dəniz yoxdur. Üçüncü – sizin məktubunuzu Hacı Mehdiyə çatdırdım. Özüm də həmin tədbirlərlə məsləhət gördüm ki, sizin mülkünüzü ya xalisə kəndləri ilə dəyişdirsin, ya da adi sövdələşmək yolu ilə alsın. Bunu Mirzə Əsədulla xana da sübut etdim. Tam razılıq və şövq ilə söz verdi ki, bir aydan sonra, yə’ni ə’lahətzər padşah və xarici işlər naziri Tehrana qayıtdıqdan sonra, o barədə, yə’ni həmin dəlillər əsasında haqqında danışdığımız evin satın alınmasının zəruri olması barədə, öz tərəfindən məktubla vasitəçilik edəcəkdir. Dördüncü – bizim sirrimizdən xəbərdar olan fars dostlardan birinin, Bombeydə 1714, 7301 çap etməyi öhdəsinə götürdüyünü yazdığınızdan çox-çox sevindim. O, cənaba deyin ki, əgər mən də yumşaq, pərdəli və mülayim yazsaydım, mənim də əsərim Mollayi-Rumi, Şeyx Mahmud Şəbüstəri, Əbdürrəhman Cami və başqa klassik filosofların əsərləri kimi olardı. Bu adamların əsərlərindən bu günə qədər bir nəticə əldə edilmişdirmi? Belə isə, həqiqət bu ali rütbəli həzrətlərin əsərlərində işlətdikləri üslubda deyildir. Onlar filosofluğun mə’nasını çox yaxşı anlamışlar. Lakin qorxaqlıq və cəsarətsizlik üzündən fəlsəfənin mə’nasını bütün xalqa və bütün bəşəriyyətə söyləyə bilməmişlər. Bunun nəticəsindədir ki, onların əsl məqsədləri bu günə qədər kəşf edilməmiş qalmışdır. Onların əsərlərindən heç kəs fayda görə bilməmişdir. Halbuki ingilis Bokl, fransız Volter və başqa Avropa filosofları da həmin fəlsəfəni o cənablar kimi anlamışlar. Lakin cəsarətlə, qorxusuz, pərdəsiz və açıqdan-açığa onun mə’nasını özlərinin dərk etdikləri kimi, bütün insanlara, bütün xalqa başa salmışlar və bunun nəticəsində, bütün dünyada yüksək ad qazanmışlar və Avropanın bugünkü mədəniyyətinə bais olmuşlar. Əgər 1714, 7301 nüsxələrində olduğu kimi, bir şey artırılıb-əskildilmədən, dəyişdirilib-əvəz edilmədən, pərdəsiz, açıqdan-açığa çap edilməsi mümkündürsə, edilsin. Əgər mümkün deyilsə, onları dəyişdirmək, əvəz etmək, qurutmaq, söndürmək, tə’sir və təravətdən salmaq yolu ilə çap etməyə icazə verilmir. Qoyunuz, necə ki vardır, eləcə də qalsın! Mümkündür ki, bir müddətdən sonra bizim oğullarımızdan və nəvələrimizdən bir nəfər mə’rifət və hünər sahibi çıxar ki, kitabı yazıldığı üslubda çap edər və bütün Asiya qit’əsində bu gün zülmət və cəhalət dənizində qərq olan insanların xoşbəxtliyinə və səadətinə səbəb olar. Hicrətdən bu günə qədər bu sərtlikdə bir əsər yazılmamışdır. Lakin bu əsər çap edildikdən sonra dünyanın hər tərəfində biri-digərinin ardınca, bundan sonra sərt əsərlər yazılacaqdır. Bu əsəri yazmaqda mənim məqsədim təkcə xalqımın mədəniləşdirilməsi deyildir. Həm də mən təfəkkür sahiblərinin yolunu açmaq, filosoflarımızın, alimlərimizin 1287 il əsarətdə və zindanda olan fikrini azad etmək, insanları korluqdan qurtarmaq istəyirəm. Əgər bir insan 60 və ya 70 il heyvan kimi kor-koranə yaşayıb bu dünyadan kor gedərsə, belə bir həyatın insan üçün nə ləzzəti vardır? Ümid edirəm ki, mənim sözümə qulaq asacaqsınız, mənim zövqümə və mənim fikrimin sağlamlığına inanacaqsınız və razı olmayacaqsınız ki, bə’zi puç mülahizələrə görə, əsər öz orijinallığını və kəsərini itirsin. Çap edəcəyiniz nüsxədə siz, Tiflisdən keçərkən Əla-Zikrihissəlamın hekayəsi haqqında sizin nüsxələrdən birinə ilhaq etdiyim qeydi də əlavə etməyi unutmayınız! Beşinci – bizim şə’niyüksək dostumuz Manukçi Sahib adlı dünyagörmüş qoca bir şəxsi mənə nişan vermişdir. O, mədəni bir şəxsdir. Zərdüştilərin rəhbəridir. Yəqin ki, onu Tehranda görəcəksiniz. Ona deyiniz ki, Mirzə Fətəli sizə salam söyləyib və uzaqdan-uzağa sizə məhəbbət bəsləyir. Əgər bu şəxsin farsca savadı varsa, 1714, 7301 nüsxəni ona göstəriniz! Əgər o, əsəri Kücəratda çap etdirmək fikrində olarsa, icazə veriniz! Altıncı – Ruhül-qüdsün əlifbanı dəyişdirməyin lazım olmasına dair yazdığı kitabçasını münasib gördüyünüz və mümkün hesab etdiyiniz hər bir kəsə veriniz oxusun. Kitabçanın məzmunu və əqidəsi haqqında oxucuların və dinləyicilərin fikrini zəhmət çəkib bizim üçün yazınız ki, mənim və cənab Şeyxül-islamın arasında müzakirə və əyləncə vasitəsi olacaqdır. Lakin sizə bildirirəm ki, mən Ruhül-qüdsün kitabçasını oxuduqdan sonra bitişməz və fasiləli yazılan hərflərin sözlərin tərkibində bitişik yazılan hərflər üzərində üstünlüyünə inanıb qəbul etmişəm. Bu şərtlə ki, bizim yazımız da xaçpərəstlərin yazısı kimi soldan-sağa yazılsın və oxunsun. Şə’niyüksək dostumuza yazmışam ki, Ruhül-qüdsün həmin kitabçasını oxuyaraq, əlifbanın dəyişdirilməsi haqqında öz fikir və əqidəsini mənə yazsın. Yeddinci – uzaqdan məni yad edib, mənə məhəbbət bəsləyən tehranlı dostlarımdan hər birinə ayrı-ayrılıqda mənim dilimdən salam yetirib deyiniz ki: Mirzə Fətəli sizin hər birinizdən xahiş etmiş ki, öz adını, ləqəbini, rütbəsini və işini şairlərin əsərlərindən alınmış bir-iki münasib şe’r ilə bərabər öz xətti ilə yazıb mənə versin ki, Mirzəyə göndərim ki, o da yadigar olaraq, dostlarının siyahısı olan dəftərə qeyd etsin. Səkkizinci – sizin salamınızı Şeyxül-islama çatdırdım. Şeyxülislam sizi o qədər sevir ki, adınızı eşidən kimi az qaldı sevincindən uçsun. Çox arzu edir ki, siz bir qədər yaxına gələsiniz. Yə’ni Təbrizə nayibül-vəzarə vəzifəsinə tə’yin olunasınız. Doqquzuncu – Rəşid paşa sizə salam yetirir və əlinizi öpür. Bu il yeddinci sinfə keçdi. Hazırda yeddinci sinfin şagirdidir. Bir ildən sonra o, gimnaziyanı bitirəcəkdir. Ondan sonra, sağlıq olarsa, islam dillərini öyrənmək işini təkmilləşdirməyə başlayacaqdır. Öz məktublarınızda gözümün işığı olan Hüseyn xana mənim və Rəşid paşanın dilindən salam yazın! Allah mənim və sənin övladımız olan bu iki qardaşı xoşbəxt edib, uzun illər yaşatsın! Rəşid Boklun, Renanın əsərlərini oxumuş, fəlsəfəni məndən az bilmir. Fizikanı və təbiətşünaslığı məndən yaxşı anlayır. Bu məsələlər haqqında mənimlə həmişə mübahisəyə girişir, dəlillər və sübutlar gətirir. Lakin bu il ramazan ayını başdan-başa bütün şərtləri və əməlləri yerinə yetirməklə oruc tutdu. Deyirdi ki, mən istəyirəm hamı məni təmiz müsəlman və xalis şiə kimi tanısın. Mən də mane olmurdum. Bu da bir rəftardır. Ramazan ayında hər gecə namaz qılır, dua oxuyur, lakin çox gözəl tar da çalırdı, musiqi elminə çox həvəsi vardır. Hal-hazırda tarı çox gözəl çalır. Bu məktubumun sənə çatması haqqında məni xəbərdar etməyini xahiş edirəm. Sənin səmimi dostun Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı. 17 dekabr 1870-ci il, Tiflis şəhəri * * * İran dövlətinin Tiflisdəki sabiq konsulu Mirzə Yusif xan cənablarına Əziz məktubunuz yetişdi. Əhvalınızdan xəbər tutub, şad və xoşhal oldum. Yeni vəzifənizi təbrik edirəm. Doğrudan da təbrikəlayiq vəzifədir. Arzunuza çatdınız, istədiyiniz iş, yə’ni qanunlar tərtib etmək sizə qismət oldu. Tiflisdə mənim və cənab Şeyxül-islamın oxuyub həzz aldığımız və üzünü köçürtdüyümüz risalənin tərtibində çəkdiyiniz zəhmət də hədər getmədi. İndi belə bir şərait yaranmışdır ki, bütün fikirlərinizi imkandan həqiqətə tətbiq edə bilərsiniz. İndi mən və cənab Şeyxül-islam sizə belə məsləhət görürük ki, bütün İran ərazisində məhkəmə işlərini tamamilə ruhanilərin əlindən alaraq, Ədliyyə Nazirliyinə tapşırasınız ki, bundan sonra ruhanilər bir daha məhkəmə işlərinə qarışa bilməsinlər. Qoy onlar da Avropa ruhaniləri kimi təkcə namaz, oruc, moizə, peşnamazlıq, kəbin-talaq, ölülərin dəfni və sair bu kimi dini məsələlərlə məşğul olsunlar... İşin əvvəllərində dini alimlər və qazilərdən bə’zilərini müəyyən vəzifələrdə və həm də maaşla Ədliyyə Nazirliyinə tabe olan məhkəmələrdə və mürafiə məclislərində oturtmaq olar. Amma bir şərtlə ki, onlar bu vəzifələrdə çalışmağa başladıqdan sonra din işlərinə əsla dəxalət etməsinlər. Mürafiə işləri üçün peyğəmbərin şəriəti ehkamı üzündən tərtib olunacaq (qanun) kitab gərək bir-birinə zidd fikirlərdən uzaq olub, hər yerdə eyni tərzdə və vahid fitva ilə ümummillətə aid edilsin. Bu kitabı hazırlayan vaxt qanun yazanlar dövrün tələbatına müvafiq olaraq hökm verə bilərlər, necə ki, sizin risaləniz şəriətə uyğun olaraq, bu kimi hökmlərə şamildir. Xahiş edirəm ki, bundan sonra da Ədliyyə Nazirliyində baş verən hadisələrdən münasib gördüklərinizi yazıb mənə bildirəsiniz. Çox yaxşı bir işə iqdam etmişsiniz. Allah mübarək eləsin və axırını xeyrə və yaxşılığa çatdırsın! Mə’lumdur ki, bu işdə ümumun mənafeyi nəzərdə tutulmuşdur və İranda mədəniyyətə doğru atılan birinci addımdır. Bu gündən belə mən əmin ola bilərəm ki, bundan sonra siz xalqın tərbiyəsi işi ilə məşğul olacaqsınız. Heç rəvadırmı ki, təxminən 14 milyonluq İran əhalisindən yarım milyonu da savadlı olmasın?! Əgər xalq tərbiyə edilməzsə və bütün kütlələr savadlı olmazsa, siz və Ədliyyə Nazirliyinin başqa məs’ul işçiləri ölüb-gedəndən sonra indiyə qədər qanun yazmaq və yeni bir idarənin əsasını qoymaq uğrunda çəkdiyiniz bütün zəhmətlər heçə-puça çıxacaq və sizin yaratdığınız nəzm-nizam və yeniliklər unudulacaqdır. Camaat isə yenə də keçmiş qayda-qanunlara qayıdacaqdır. Əzəmətli ağam! Siz Tehranda düşünəcəksiniz ki, nə üçün cənab Şeyxül-islam və Mirzə Fətəli məhkəmə işlərinin şiə ruhanilərinin əlindən tamamilə alınmasını məsləhət görürlər? Bunun səbəbini izah etmək istəyirəm. Əlbəttə, sizə mə’lumdur ki, bizim xalqımız bütün qulluq sahiblərini və bütün dövlət mə’murlarını “əhli-zələmə” adlandırırlar. Bir halda ki, belə bir əqidə hələ də xalqın fikrində qalmaqdadır, zahiri itaətə baxmayaraq, batində dövlətlə xalq arasında daimi bir ziddiyyət mövcud olacaqdır. Bu ziddiyyət isə vəsfəgəlməz fəsada səbəb olur. Belə bir ixtilafı ortadan qaldırmaq ən vacib məsələlərdən biridir. Xalqla dövlət arasında ayrılığın, ziddiyyətin əsil səbəbi ruhanilərdir. Nə üçün? Buna görə ki, ruhanilər xalqın ruhuna və təbiətinə o qədər müsəllət olmuşlar ki, camaat onların dediklərinə sorğu-sualsız itaət edir, ürəyində dövlətə nifrət bəsləyir. Çünki ruhanilər xalqın “pənahı” adlanır. Nəyə görə ruhanilər xalqın “pənahı” olmuşlar? Ona görə ki, dövlətin ən böyük vəzifələrindən olan məhkəmə işləri ruhanilərin əlindədir. Xalqın ehtiyacı onların vasitəsilə ödənilir. Dövlət isə ikinci dərəcəli yeri tutur. Həqiqətdə isə dövlət mə’murları ruhanilərin qarşısında onların hökmlərini icra edən nökər kimidirlər. Xalqın mənafeyi, ölkə və vətənimizin abadlığı onu tələb edir ki, xalqla dövlət arasında birlik və mehribanlıq yaransın. Dövlət zahiri və həqiqi istiqlaliyyət əldə etsin. Təkcə özü xalqın pənahı olsun, ruhaniləri ölkəni idarə işlərində dövlətə şərik etməsin. Bizim əqidəmizə görə, belə bir təqdir sayəsində günlər keçdikcə xalqla dövlət arasındakı fərq aradan qalxar. Amma bu məsələ bir şərtdən asılıdır ki, dövlət o qədər diqqətli və qayğıkeş olmalıdır ki, onun mə’murları məhkəmə işində fövqəl’adə ədalətli, doğruçu və haqq tərəfdarı olsunlar. Xalqla dövlət arasındakı ziddiyyətin aradan qaldırılmasının vacib məsələ olmasına şübhə ola bilməz. Ancaq söz orasındadır ki, bu ziddiyyət nəyin vasitəsilə aradan qaldırılmalıdır. Bu barədə düşünərkən, yuxarıda qeyd etdiyimiz tədbir, bizim fikrimizcə, əlverişli göründü. Əgər siz özünüz bundan daha asan və daha yaxşı bir tədbir düşünsəniz, əlbəttə, onu tətbiq edə bilərsiniz. Sonra əziz qardaşım Mirzə Məhəmməd Cəfər “Molla İbrahim Xəlil” hekayəsini çox düzgün və gözəl tərcümə etmişdir. Yazdım ki, çap etdirsin. Onun məktubunu açıq göndərdim. Əvvəlcə özünüz oxuyun, sonra isə ona təqdim edin! Çünki mə’lumunuz olan nüsxəyə dair bə’zi qeydlər yazaraq, təmənna etmişdi ki, oradakı məsələlər tənqid yolu ilə deyil, atalıq nəsihəti şivəsi ilə yazılmalı idi. Buna görə də onun e’tirazlarına cavab yazmalı oldum. Yaxşı olar katibinizə buyurasınız ki, mənim yazdığım cavab məktubunun üzünü köçürsün ki, sizin yanınızda qalsın. Mümkündür ki, bu məsələ ətrafında başqa bir mübahisəçi də meydana çıxsın. O zaman həmin cavabı ona oxuyub, sakit edərsiniz. Hörmətli Əli xanın vəziyyətindən heç bir xəbərim yoxdur. Bir neçə gün bundan qabaq ona da məktub yazmışam. Lakin alıb-almadığını bilmirəm. Cənab Şeyxül-islam sizə çoxlu salam göndərir və sizin yeni vəzifənizi təbrik edir. Sizin salamınızı Mirzə Əsədulla xana çatdırdım, ondan da sizə sonsuz salam yazıram. Sizə ixlası olan Mirzə Fətəli Axundzadə 25 mart 1871-ci il, Tiflis şəhəri * * * İkinci ayrıca məktub Əzəmətli ağam! Sizə bildirirəm ki, cənab Şeyxül-islamın sə’yi nəticəsində, nəhayət, İbn-Xəldunun ərəb dilində olan “Tarix” kitabını İstanbuldan gətirtdik. Onun birinci fəslindən alınan iki parça “Mə’lum əsərin” (“Kəmalüddövlə məktubları”nın. – mütərcim) mətləblərinə haşiyə kimi əlavə edilməlidir. Haman parçaların üzünü köçürüb göndərirəm. Bu iki qeyddən başqa üçüncü bir qeyd də göndərirəm ki, “Mə’lum əsərin” nüsxəsinə yazılmalıdır. Birinci qeydin işarəsi – Firdövsinin: Tərcüməsi: Öz mənfəətləri xatirinə, başqalarının zərərini istəyirlər, dini isə alət edirlər... beytinin sonunda qoyulmalıdır. İkinci qeydin işarəsi isə: Dəvə südü və kərtənkələ yeməklə, ərəblər işi o yerə çatdırıblar ki... beytinin sonunda olmalıdır. Üçüncü qeydin işarəsi isə birinci fikrin sonunda qoyulmalıdır. Sizə ixlası olan Mirzə Fətəli Axundzadə 25 mart 1871-ci il * * * Türkcə “Təmsilat”ı tərcümə edən Tehran sakini Mirzə Məhəmməd Cəfərə Əziz və mehriban qardaşım Mirzə Məhəmməd Cəfər, Allah ömrünüzü uzun eləsin! Şirin məktubunuz yetişdi, sonsuz sevincimə və qəlbimin şadlığına səbəb oldu. Əvvəla, sizdən bir xahişim vardır: əzəmətli ağam cənab Mirzə Yusif xan keçən məktubunda müxtəsər olaraq yazmışdı ki, azadxah şahzadə nəvvab-əşrəf-əmcəd, sərkar Cəlaləddin Mirzə hal-hazırda xəstədir. Bu xəbər məni çox-çox kədərləndirdi. Xahiş edirəm ki, valahəzrət şahzadənin xəstəliyinin nədən ibarət olması haqqında tezliklə mənə mə’lumat verəsiniz ki, həyəcan və nigarançılığım aradan getsin. Mənim bədbəxtliyimdəndir ki, bütün İranda özümə bir nəfər sirdaş tapmışdım, o da dostluğumuzun lap başlanğıcında xəstələndi. İkincisi isə, sizin mişksaçan qələminizə afərin, yüz afərin olsun ki, “Molla İbrahim Xəlil”i əslinə tamamilə uyğun və çox-çox gözəl tərcümə etmişsiniz. Tərcümədə qətiyyən orijinaldan kənara çıxılmamışdır. Tərcümənin də əsas şərti budur ki, onda orijinaldan nə artıq, nə də əskik bir şey olsun. Bundan yaxşı, bundan yüksək tərcümə ola bilməz. Tərcüməni mütləq çap etdirməyə çalışın! Şəklimi həmin məktubla bərabər sizə göndərirəm. Əsərin tamaşalarında iştirak edən bütün personajların şəkillərini də hər bir əsərdə çap etdirə bilsəydiniz, həqiqətdə misilsiz bir hədiyyə olar və kitablar başqa bir gözəlliyə malik olardı. Başqa əsərlərin tərcüməsini artıq Tiflisə göndərmək lazım deyildir. Vaxtınızı itirməyin, hamısını birbaş çap etdirin! Mənim sizin qələminizə böyük inam və e’tibarım vardır. Hər bir əsər çapdan çıxdıqdan sonra 3-4 nüsxə mənə hədiyyə göndərin! “Georq Klifford” sözlərinin mə’nasını soruşmuşsunuz. Deməliyəm ki, bunlar hər ikisi bir nəfər əmirin adıdır, bir şəxsin adıdır... Yə’ni Kliffordoğlu Georq. Necə ki, ərəblərdə Sə’d ibn-Vəqqas, Ömər ibn-Sə’d və Əmr ibn-As əvəzinə – Sə’d-e Vəqqas, Ömər-ə Sə’d Əmr-e As yazmaq mə’lumdur. Cümlənin mə’nası cəhətdən cənab Linneyin hamisi olan Georq ibn-Klifforddan yüksək və əzəmətli olacaqdır”. O ki qaldı “qığılcım” kəlməsi, türkcə qığılcım ən kiçik od şərarələrinə deyilir. Farsca “əbizə”, “xədrə” və “sitarəçə” deməkdir. Siz necə qaradağlısınız ki, bu kəlmənin mə’nasını bilmirsiniz? Mən özüm bu kəlməni Qaradağda öyrənmişəm. Mən yeddi yaşımdan 12 yaşıma qədər Qaradağda Horand kəndində, sonra Vəlibəyli obasında Ünküt eli içərisində yaşamışam. Paskeviçlə Naibüssəltənə arasında başlanan müharibədən bir il əvvəl Arazın bu tayına – rus torpağına keçib gəlmişəm. “Həkim çullu” isə “biyabani” (çöllü) demək deyildir. Çul türk dilində atın belinə salınana deyirlər. Rəvayətə görə, 90 il bundan əvvəl, dərviştəbiətli bir həkim səyahət məqsədilə İrandan Nuxaya gəlmiş və bir müddət bu şəhərdə qalmışdı. Onun təbabətdə və bir sıra qəribə elmlərdə, guya, tam məharəti varmış. Onun adı bu şəhərdə və onun ətrafında məşhurdur. Həmişə çula büründüyünə görə “Çullu həkim” adı ilə şöhrət tapmışdır. Yə’ni çul və ya kəpənək geyinən həkim. Nuxa camaatı hələ bu günə qədər həmin həkimi kimya sirlərini bilən bir adam kimi zənn edirlər. Üçüncüsü – əziz qardaşım! “Kəmalüddövlə məktubları” barədə qeyd etmişsiniz ki, onları hələ oxumamışsınız. Pəs haradan bilirsiniz ki, bədxahlıq məqsədilə yazılmışdır? Burada bədxahlıq yoxdur. Ancaq irad tutmaq və tənqid vardır. Bu isə çox böyük bir məsələdir. Onun izahı üçün uzun-uzadı danışmaq lazım gəlir. Əlbəttə, belə bir izahat bu məktuba sığışmaz. Ona görə də qısaca yazıram ki, siz gərək tənqidin şərtlərindən xəbərdar olasınız ki, bu məsələdən də baş çıxara biləsiniz. İrad tutulmadan istehzasız, məzəmmətsiz və məsxərəsiz tənqidi əsər yazıla bilməz. “Kəmalüddövlə məktubları” moizə, nəsihət deyil, tənqiddir. İnsanlar pis əməllərə adət etdiyi bir halda, tənqid vasitəsilə olmayıb, moizə, nəsihət və ata məhəbbəti tərzində yazılan bir əsərin bəşər təbiətinə heç bir tə’siri olmayacaqdır. İnsanların təbiəti moizə və nəsihətləri oxuyub, dinləməyə nifrət edir. Halbuki insanlar tənqidi əsər oxumağa həmişə həvəskar olurlar. Avropa filosoflarının təcrübələri və bir çox inkaredilməz həyati dəlillər sübut etmişdir ki, tənqid, istehza və məsxərədən başqa, pis və yaramaz əməlləri insan təbiətindən heç bir vasitə ilə məhv etmək olmaz. Əgər nəsihət və moizənin insanlara tə’siri olsaydı, mərhum Şeyx Sə’dinin “Gülüstan” və “Bustan” əsərləri əvvəldən-axıra qədər nəsihətdir. Pəs nə üçün İran camaatı 600 ildən bəri onları oxuyur, lakin oradakı nəsihət və moizələrə əsla əhəmiyyət vermir?! Nəticədə isə zülm və istibdad gündən-günə artır ki, əskilməyir. Nə isə, biz bu barədə mübahisəyə girişməməliyik. Əgər mübahisəyə başlasaq, heç bir şübhə ola bilməz ki, siz məğlub olarsınız. Tənqid fənni islam ədəbiyyatında bu günə qədər hələ tətbiq edilməmişdir. Məhz buna görə də siz bu kimi əsərlərdən tez qorxuya düşürsünüz. Nəhayət, xalqı tərbiyələndirmək, həmməzhəblərimizin əxlaqını saflaşdırıb islah etmək, dövləti nizam-intizama salıb, onun əmrlərinin və qadağan etdiyi işlər haqqındakı hökmlərinin tə’sirini artırmaq üçün tənqiddən faydalı heç bir vasitə ola bilməz. Kəmalüddövlə vaiz və nəsihətçi deyil. O, tənqidçidir. Əgər o, vaiz və nəsihətçi olsaydı, ona da Molla Məhəmməd Rəfi Vaizi-Qəzvini kimi baxardılar. Əsərləri də Molla Rəfinin yazdığı “Əbvabül-cinan” kimi duzsuz, tamsız, ləzzətsiz çıxardı. Elə bir adam tapa bilərmisiniz ki, “Əbvabül-cinanı” öz meyli ilə kəsalətsiz oxumuş olsun? Kitabının adından belə adamın zəhləsi gedir. Lakin, Kəmalüddövlənin məktubları bir şəxsin əlinə keçərsə, yeyib-yatmağı özünə haram edərək, bulaq başına çatan susuz bir adam kimi onları oxuyacaq və onların mətləblərini anlamağa, onlardan ibrət almağa və bilik əldə etməyə çalışacaqdır. Oxuduqdan sonra istər-istəməz belə bir qərara gələcəkdir ki, tənqidçinin pislədiyi hər bir əməldən uzaqlaşmaq və tə’rif etdiyi əməlləri mütləq icra etmək lazımdır. İndi görün, nəsihətlə tənqid və nəsihətçi ilə tənqidçi arasında nə qədər böyük fərq vardır! Tənqidin moizə və nəsihətdən bu qədər üstün olmasının səbəbi nədir? Tənqidi əsəri susamaq ehtirasına oxşar bir həvəslə oxumaq meyli haradan doğulubdur? Bu üstünlüyün səbəbi odur ki, tənqidi əsər istehza, gülgü və məsxərə yolu ilə yazılır. Buna görə də tənqidin oxunuşuna bu qədər böyük həvəs vardır. Bu elə bir gizli sirdir ki, onu Avropa alimləri kəşf edə bilmişlər. Mənim xalqım bu sirdən hələ də xəbərsizdir. Əgər inşallah, Kəmalüddövlənin məktubları nəşr edilərsə, mənim xalqım da tərbiyə və mə’rifət meydanına qədəm qoyar. Deməliyəm ki, mənim xalqımın fitri iste’dadı Avropa xalqlarının fitri iste’dadından qat-qat artıqdır. Tənqidin moizə və nəsihətdən üstünlüyünü sübut edən ən parlaq misal sizin gözünüz qarşısındadır. Nə üçün uzağa gedək? Fərz edək ki, bir vaiz nəsihətçi ata məhəbbəti şivəsində bir kitab yazaraq, kimyanın həyatda mövcud olmadığını xalqa anlatmaq istəmişdir. Digər tərəfdən isə başqa bir şəxs ortaya çıxmış və “kimya yoxdur və ya kimyanın olduğuna inanmaq olmaz”, – sözlərini dilinə belə gətirmədən ancaq tənqid və istehza məqsədi ilə “Molla İbrahim Xəlil” hekayətini yazaraq, xalq arasında yaymışdır. İndi deyin görək, bu iki növ əsərdən hansının insanların təbiətindəki tə’siri üstün və aşkardır? Söz yox ki, “Molla İbrahim Xəlil” hekayətinin! Çünki bu əsər tənqid və istehza üsulu ilə yazılmışdır. Tənqidin nəsihətdən başqa bir fərqi də vardır. O da bundan ibarətdir ki, müasir adamların və gələcək nəsillərin əxlaq və tərbiyəsini islah etmək işində nəsihətin qətiyyən tə’siri yoxdur. Halbuki tənqid müasir insanların əxlaq və tərbiyəsinin islahı və təkamülündə tə’sirsiz qalmadığı kimi, gələcək nəsillərin əxlaqı və tərbiyəsinin islah və təkamülündə də tam tə’siri vardır. Bu cəhətdən o, arzu edilən nəticəni verə bilər. Bu mətləbin də geniş şərh və izaha ehtiyacı vardır. Bu sözün haqq olmasına dair Avropa alimləri geniş fikirlər söyləyib, əsərlər yazmışlar. Avropa dövlətləri isə milyonlarla pul sərf edib, hər bir böyük şəhərdə teatr adı ilə əzəmətli binalar tikdirmişlər ki, qadınlar və kişilər oraya yığışaraq, öz həmvətənləri haqqında tənqid və istehza ilə yazılmış əsərlərə qulaq assınlar və məsxərəyə qoyulanların vəziyyətini görüb, onlardan ibrət alsınlar. Çünki onlar başa düşmüşlər ki, moizə və nəsihətin insan vaxtını zay etmək və insana kəsalət gətirməkdən başqa faydası yoxdur. Siz Kəmalüddövlədən ata nəsihətləri eşitmək təmənnasında olmayın! Birdəfəlik bilin ki, nəsihət və moizə istər ata məhəbbəti ilə olsun, istərsə də cəhənnəm qorxusu və buna oxşar başqa təhdidlər altında söylənilsin, fərqi yoxdur, insan təbiətinə heç bir tə’sir edə bilməz. Bütün oğrular, yolkəsənlər, qatillər, zalimlər, müstəbidlər, fırıldaqçılar – hamısı cəhənnəmin vəsfini dönə-dönə eşitmişlər, moizələrə və nəsihətlərə az-çox qulaq asmışlar. Lakin bununla belə, yenə də öz pis əməlləri və xasiyyətlərindən əl çəkməmişlər. Amma insanları öz tay-tuşları, tanış və dostları yanında rüsvay etməyə səbəb olan tənqid, istehza və məsxərə onları pis əməllərdən çəkindirir. Əgər bir şəxs sizinlə mübahisəyə girişib, bunun əksini iddia edərsə, onun dəlillərini mənə bildirin ki, Avropanın ən məşhur filosoflarının əsərlərinə istinad edərək, ona elə dəlilli, sübutlu bir cavab verim ki, bütün iddiaları alt-üst olsun. Kəmalüddövlənin tənqidindən nə üçün inciyək gərək? Kəmalüddövlə yad adam deyildir. O, bizim həmməzhəbimiz, həmvətənimizdir. O, öz xalqımızın oğludur, o, elə bir qardaşımızdır ki, öz doğma qardaşlarının əxlaq və əməllərini rişxəndə, istehzaya tutur. Dördüncüsü – siz yeni əlifbanın surətini istəmişdiniz. Bildirməliyəm ki, hələ lap əvvəllərdə mən yeni əlifba layihəsini bir növ tərtib etmişdim ki, bütün nöqtələr düşüb və sait hərflər, yə’ni e’rab, samit hərflərin yanında bitişik yazılırdı. Sonra cənab Ruhül-qüds başqa bir layihə düzəltmişdir ki, kəlmələrin tərkibində hərflərin bitişik yazılması da ləğv edilir və kəlmələr fasilədən və ayrı-ayrı yazılan hərflərlə yazılır. Bütün nöqtələr atılır və saitlərin hamısı Avropa xalqlarının əlifbası kimi samit hərflər sırasına daxil edilir. Doğrudan da Ruhülqüdsün əlifbası mənim tərtib etdiyim əlifbadan çox-çox asandır. Buna görə də mən onun razılığı və məsləhəti ilə, onun tərtib etdiyi layihədə bə’zi dəyişikliklər əmələ gətirdikdən sonra hərflərin nümunəsini Maarif Nazirliyinə göndərmişəm və yazmışam ki, ya Ruhül-qüdsün bu əlifbasını qəbul etsinlər, ya da bu şərtlər əsasında bəyəndikləri şəkilləri daxil etməklə, başqa bir əlifba düzəldərək onu həyata tətbiq etsinlər. Beləliklə də, mənim yanımda Ruhül-qüdsün əlifbasının surəti qalmamışdır ki, üzünü çıxardıb sizə göndərim. Mənim keçmişdə düzəltdiyim əlifbanın surəti də qalmamışdır. Əgər istəsəniz, orada Maarif Nazirliyinə müraciət edib, həm mənim keçmiş əlifbamı, həm də Ruhül-qüdsün tərtib etdiyi yeni əlifbanın surətlərini alaraq, hər ikisini oxuya bilərsiniz. Sizdən xahiş edirəm ki, cənab Ruhül-qüdsün yeni əlifbası və onun lüzumuna dair yazmış olduğu kitabçanı hörmətli Mirzə Yusif xandan alıb oxuyasınız. O zaman başa düşərsiniz ki, 15 milyonluq İran əhalisi arasında nə üçün heç olmazsa, yarım milyon savadlı adam yoxdur. Lakin Avropa ölkələrində bütün xalq savadlıdır. Xahiş edirəm, mənə hərdənbir məktub yazasınız. Mən də sizi maraqlandıran məsələlər haqqında sizə yazıb, mə’lumat verəcəyəm. Bir də öz məktubunuzda cənab Ruhül-qüdsdən bərk incidiyinizi bildirmişsiniz ki, nə üçün o, yazılarını e’tiraz və istehza ilə yazıb, lazım idi ki, çox mülayim şəkildə, yə’ni vaiz və nəsihətçi kimi yazaydı. Doğrudur, cənab Ruhül-qüdsün bütün yazıları və kitabçaları Kəmalüddövlənin məktubları kimi tənqid şəklində yazılmışdır. Məhz buna görədir ki, bütün savadlı insanlar onları vəsfəgəlməz şövq və zövqlə oxuyurlar. Siz istəyirsiniz ki, Ruhül-qüds sizin üçün e’tirazsız, məsxərəsiz, şirin moizələr və ata nəsihətləri yazaydı ki, təsadüfən əlinizə keçəndə də, məhəl qoymadan otağın bir küncünə tullayaydınız. Beləliklə də, məzmununu bir kimsə eşidib-bilmədən kağızı çürüyüb tələf olaydı? Pəh-pəh, əcəb zövq və səliqə sahibisiniz!.. Xeyr, belə deyil. Mən güman edirəm ki, siz moizə və nəsihəti tənqiddən üstün tutan bir zövq və səliqəyə malik deyilsiniz. *Cənab Ruhül-qüds bir yerdə yazır: “İngiltərə hökuməti istəyir Sistanı alıb Əfqanıstana ilhaq etsin. Məşvərət məclisində İran vəzirləri deyirlər: “Bu işin çarəsi yalnız ondan ibarətdir ki, İngiltərə səfirliyinin mütərcimi Mirzə Ağa Xoylu ilə aranı sazlayaq”. Sizin səliqənizə görə, bu mətləbi necə demək lazımdır ki, həm nəsihətamiz olsun, həm də İran vəzirlərinin əhvalını bu qədər fikir aydınlığı, ifadə gözəlliyi və ləzzətlə bəyan etmiş olsun. İran vəzirlərinə bu sözləri isnad etmək, əlbəttə, böhtan və iftiradır, lakin onlardan bə’- zən elə əməllər baş verir ki, Ruhül-qüdsün nöqteyi-nəzərincə, guya onlar bu ağılda və şüurdadırlar. Bu sözlərdən onların qabiliyyəti hər bir oxucuya mə’lum olur. Nə isə, Ruhül-qüds və Kəmalüddövlə – hər ikisi əsərlərini nə cür yazmaq lazım gəldiyini çox gözəl bilirlər. Sə’dinin və Molla Rəfi Vaizi-Qəzvininin dövrü keçmişdir. Əsrimiz başqa əsrdir. Məktubumuzda yazdığımız kimi, nəsihətləri və moizələri dinləyərək, onlara əməl edəcəyinizi iddia etməyin! Kəmalüddövlə və Ruhül-qüds hər ikisi bilirlər ki, insan cəmiyyəti uşaqlıq dövründən keçib, kamal dövrünə çatdıqdan sonra bu cür iddialar, bəşər təbiətinə müxalif olan iddialar sayılır. Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı. 15 məhərrəm, hicri 1283-cü il [25.III.1871-ci il] Tiflisdə * * * 1871-ci il martın 29-da Mirzə Yusif xana yazılmış üçüncü məktub Əzəmətli ağam, Allah səadətinizi daimi etsin! Martın 25-də yazlığım məktubda bu mətləbi də, tənqidin əhəmiyyəti haqqında əziz qardaşım Mirzə Məhəmməd Cəfərin məktubuna əlavə etməliydim. Lakin birinci növbədə, münasib bilmədim. İkinci isə, o məktub çox uzun çıxmışdı. Poçt da yola düşürdü, yazmağa macalım yox idi. İndi isə bu mətləb həm məzəli olduğuna görə, həm də az-çox məsələ ilə əlaqədar olduğu üçün həmin mətləbi xəlvəti olaraq sizə yazıram ki, mehriban qardaşım Mirzə Məhəmməd Cəfərə oxuyasınız, sonra isə məktubu özünüzdə saxlayasınız. *Cənab Ruhül-qüds bir yerdə yazır: Tehranda müşavirə məclisi. Məclisin müşaviri – İngiltərə dövləti Sistanı Əfqanıstana ilhaq etmək istəyir. Nə etmək lazımdır? Məclisin üzvləri: – İngilis səfarətxanasının mütərcimi olan Mirzə Ağa Xoylu ilə dostlaşmaq lazımdır. Məclisin müşaviri: – Avropa dövlətlərinin İran dövləti barədə filan-filan xəyalları vardır. Nə etməliyik? Məclisin üzvləri: – Biz də onların səfirlərini tə’ziyə məclisinə buraxmarıq. İndi, Mirzə Məhəmməd Cəfər! Deyin görək, bu mətləbi sizin səliqənizə görə necə qələmə almaq olar ki, həm nəsihətamiz, mehribancasına deyilmiş olsun, həm də məclis üzvlərinin vəziyyəti bu aydınlıqda, bu qədər ləzzətli və tə’sirli şəkildə aşkara çıxarılsın?.. Ola bilsin ki, məclis üzvlərinə verilən bu qiymət yalandır. Mən onları görməmişəm və tanımıram. Lakin Ruhül-qüdsün əqidəsinə görə, onlardan elə işlər baş verir ki, həqiqətdə onların belə bir ağıl və dərrakə sahibi olmaları meydana çıxır. Deyilənlərə görə, müşavirə məclisində dəmiryol inşasına dair danışıqlar gedən zaman, məclis üzvlərindən biri demişdir: – Dəmiryol salınarsa, bizim bütün dəvələrimiz lüzumsuz qalacaqdır. Elə isə bu yolun salınmasına necə icazə verə bilərik? Qardaşım Mirzə Məhəmməd Cəfər! Birinci Şah Abbasın vəzirlərinin ağıl və şüur dərəcəsi “Yusif şahın hekayəsi”ndən sizə mə’lumdur. Görmürsünüz ki, dövlətin vəzirləri və xalqın ağsaqqalları Şah Abbasa ulduzların mə’nasız bəlasından nəcat vermək üçün uşaqcasına nə kimi tədbirlərə əl atırlar? Bu da ki, böhtan deyildir. “Tarixi-aləmara” göz qabağındadır. Baxa bilərsiniz! Şah Abbas dövründən bu əsrə qədər İran xalqı puç əqidələrin tə’siri sayəsində tərbiyə aləmində o qədər də çox tərəqqi etməmişdir. Ola bilsin ki, bə’zi fərqlər vardır, lakin bu fərq çox cüz’idir. Babilər fitnəsini törədənləri cəzalandırmaq işində dövlət başçılarından nə qədər yüngül hərəkətlər baş vermişdir. Bunların rəhmsizliyini və vəhşiliyini yada salan heyrətdən barmağını dişləyir. Əgər bu hərəkətləri onların yadına salmasan, oyanıb ibrət almazlar və həmişə qəflətdə qalarlar. Yada salanda da, buna təcavüz adı verilir. Bəs nə etmək lazımdır? Əgər ölkənin və xalqın mənafeyi bunu yada salmağı tələb edirsə, tənqid də eyni vəzifəni izləyir. Bu kimi mətləbləri moizə və nəsihət yolu ilə söyləmək mümkün deyildir. Əgər söyləsən, mütləq tənqid üsulundan istifadə etməlisən. Onu moizə və nəsihət adlandırmaq olmaz! Hal-hazırda Avropa ölkələrinin hər birisində satirik qəzetlər, yə’ni öz həmvətənlərinin pis əməlləri haqqında tənqid və həcv yazan qəzetlər vardır ki, hər həftə çap edilib yayılır. Avropa dövlətləri bugünkü intizam və tərəqqiyə moizə və nəsihət sayəsində deyil, tənqid sayəsində çatmışlar. Siz Volter, Yuğni Sud və Aleksandr Düma, Koldikok kimi yazıçıların romanlarından və başqa bədii əsərlərindən, bu ölkələrin Bokl və Renan kimi başqa filosoflarının yazılarından xəbərdar olmalısınız ki, bu sözün həqiqət olması sizə sabit olsun və siz mənim dediklərimə inanasınız ki, moizə və nəsihətin insan təbiətində, onun uşaqlıq və ilk gənclik dövrü keçdikdən sonra heç bir faydası və təsiri ola bilməz. *Buna görədir ki, Ruhül-qüds özünün “Vəzir və rəfiq” adlı kitabçasında tənqid şəklində fəryad edir ki, ey mənim qardaşlarım, ey mənim həmvətənlərim, öz biliyinizlə qürrələnməyin, öz haqqınızda bədgüman olmayın, elm öyrənin, mədəniyyət dairəsinə qədəm qoyun! Sizin indiki biliyiniz əsla sizə bəhrə vermək və sizə haqqı batildən və doğrunu yalandan ayırmaq imkanını verməz! Əgər İran dövləti Ədliyyə Nazirliyinin sə’yləri nəticəsində çap işlərində mütləq azadlıq tətbiq edərsə, Kəmalüddövlənin məktubları və Ruhül-qüdsün əsərləri tamamilə çap edilib, xalq arasında yayılarsa, əlli ildən sonra İran ölkəsi Avropanın qabaqcıl ölkələrinin tayı olacaqdır. Bunun üçün bircə şərt lazımdır ki, bütün xalq savadlansın və xalqla dövlət arasındakı gizli nifaq aradan qaldırılsın. O zaman İran xalqına xoşbəxt və şanlı bir həyat nəsib olacaqdır. Gələcək nəsillər, Kəmalüddövlənin və Ruhül-qüdsün adlarını həmişə hörmət və izzətlə yad edəcəklər. Lakin, əgər onların sözləri tənqidi şəkildə deyil, moizə və nəsihət şəklində deyilərsə, min il keçəcək və heç kəs onların sözünə qulaq asmayacaqdır. Əzəmətli ağam! *Nə isə, mən bilmirəm, Kəmalüddövlənin sözlərində və ibarələrində hansı cəhətləri dəyişməyi əziz qardaşım Mirzə Məhəmməd Cəfər layiq görür?! Hər bir yerinə əl vursan, əsər tənqidi əhəmiyyətini itirər. Mülayimlik və həqiqəti pərdələmək tənqid şərtlərinə müxalifdir. Mülayimlik və məsələni ört-basdır etmək tənqid şərtlərinə ziddir. Məsələn, Bokl və Renan öz əsərlərini necə yaza bilərdilər ki, mülayim, pərdəli, e’tirazsız, vaizcəsinə, nəsihətverici, mehribancasına və ata sözləri kimi çıxaydı? Əgər belə olsaydı, onların əsərləri tənqid olmazdı, onların adını heç kəs eşitməz və əsərlərini heç kəs oxumazdı. Bu ona oxşayır ki, bir şəxs Bokl və Renana üz tutaraq desin: “Ey filosoflar, siz öz əsərlərinizi vaizsayağı, nəsihətçi kimi, mehribancasına, ata kimi mülayim dildə, eyibləri açıb-ağartmadan yazmalısınız”. “Əgər əziz qardaşım Mirzə Məhəmməd Cəfər Kəmalüddövlənin qələmindən çıxan bə’zi kəlmələri nəzərdə tutursa, demək lazımdır ki, bu kəlmələr ədavət nöqteyi-nəzərindən deyil, şur və hissiyyata qapılmaq nəticəsində ixtiyarsız yazılmışdır. Məsələn, “nadan iranlılar”, “evi yıxılmış iranlılar” və bu kimi sifətləndirici kəlmələr əsər çap edilərkən silinə bilər. Lakin bu kimi cüz’i dəyişikliklərdən başqa, hər cür dəyişdirmə və təhrif əsərin kəlmələrini və ibarələrini tə’sirdən salar və onu yaramaz vəziyyətə gətirər. Katibim bir müddətdir ki, xəstələnmişdir. Məcburən məktubu özüm yazıram. Xəttimin pisliyindən və səliqəsizliyindən özüm də narazıyam. Məni gərək bağışlayasınız. Bir neçə əlavə və qeydlər vardır ki, onları mə’lumunuz olan nüsxəyə əlavə etmək vacibdir. Ona görə də onları yazmağa və göndərməyə iqdam etdim. Bu üçüncü məktubdur ki, göndərirəm və hər birinə ayrı müfəssəl cavab gözləyirəm. 2 aprel 1871-ci il Bu üçüncü məktubda yazdığım əlavələr və qeydlər bunlardır: Birincisi – İranda əmirləri çubuqla döymək və uşaqlara tə’lim və tərbiyə zamanı çubuq və sillə vurmaq əhvalatı. İkincisi, – (Hər kəs öz şəxsiyyətini tanıyarsa, o, Allahını tanımış olar) ayəsinin şərhi. Üçüncü – İmam Qəzalinin fikrinin izahı. Dördüncüsü – Əmmarətül-Yəməni adlı şairin şe’ri. İnsanların uşaqlıq dövrü keçdikdən sonra moizə və nəsihətin bəşər təbiətinə qətiyyən bəhrə və faydası olmadığı haqqındakı fikrimi isbat üçün bu mətləbi də sizə yazıram ki, əziz qardaşın Mirzə Məhəmməd Cəfərə oxuyasınız. Bu ali mətləb sizə göndərdiyim ayrıca səhifədə yazılır. Mirzə Yusif xana yazmaq lazımdır. * * * 1280-ci (1863-cü) ildə cənab Ruhül-qüdsün öz dilindən eşidib yazdığım ali bir mətləbin mətni “Zülm” məsdərdir. Onun ismi-faili “zalim” və ismi-məf’ulu “məzlum”dur. Məsdər olan zülmü aradan qaldırmaq üçün iki şey lazımdır: ya zalım zülmdən əl çəkməlidir, ya da məzlum zülmə dözməməlidir. İdrakın təsdiqi ilə zülmü dəf etməkdə bu iki yoldan başqa heç bir yol təsəvvür edilə bilməz. ...Hazırkı əsrin əvvəllərinə qədər, təxminən on min ilin ərzində bütün peyğəmbərlər, filosoflar və şairlər zülmün aradan qaldırılmasını istəyərək, belə bir əqidədə idilər ki, onu aradan qaldırmaq üçün zalıma moizə oxuyub nəsihət vermək lazımdır. Ona görə də bu uzun müddət ərzində onlardan hər biri öz bildikləri kimi, əqidələrini sözdən işə, əmələ keçirmişlər. Məsələn: peyğəmbərlər zülmü aradan qaldırmaq, zülmdən əl çəkmək müqabilində zalimə behişt və’dəsi vermiş və zülmü davam etdirən zalimləri cəhənnəmlə qorxutmuşlar. Filosoflar zülmü dövlətin zəvalının səbəbi bilərək, dövlətin davamı üçün ədalətli olmağı məsləhət görmüşlər. Bu barədə peyğəmbərlər bir çox kitablar və hədislər, filosoflar isə saysız-hesabsız əsərlər yazmışlar. Şairlər həm Asiyada, həm də Avropada, məsələn, Sə’di kimi, öz əsərlərində zülmü pisləmiş və ədaləti tə’rifləmişlər ki, zalim zülmdən əl çəkib ədalətli olsun. Lakin bir çox təcrübələrin nəticəsində tamamilə aydın olmuşdur ki, bəşəriyyətin ən şərəfli nümayəndələri olan bu adamların əsrlər boyu zülmü aradan qaldırmaq yolunda çəkdikləri zəhmətlər bütünlüklə nəticəsiz və faydasız qalmışdır. Zülm isə dünyada əsla aradan qaldırılmamışdır. Zülmü aradan qaldırmaq üçün moizələr və nəsihətlər zalimin təbiətinə qətiyyən tə’sir göstərməmişdir. Nəhayət, hazırkı əsrin əvvəllərinə yaxın, Avropanın Volter, Russo, Monteskyö, Mirabo və başqa bu kimi Söhban təbiətli filosofları, bəlağətli və fəsaətli şairləri, natiqləri və həkimləri anlamışlar ki, zülmü aradan qaldırmaq üçün heç də zalimə müraciət etmək lazım deyildir, bəlkə əskinə, məzluma demək lazımdır ki: “Ey nadan, sən ki, qüdrət, say və bacarıq cəhətdən zalimdən qat-qat artıqsan; bəs nə üçün zülmə qatlaşırsan? Qəflət yuxusundan oyan və zalimin atasının goruna od vur!”. Bu ikinci əqidə meydana gəldikdən sonra Avropanın filosofları öz yeni fikirlərini xalqa anlatdılar. Məzlumlar ağıllı adamların yeni fikirlərilə tanış olduqdan sonra birdəfəlik hümmət edərək, qeyrət göstərdilər. Zülmü ortalıqdan qaldıraraq, özlərinin vəziyyətini, əhvalatını və asayişini yaxşılaşdırmaq üçün elə qanunlar yaratdılar ki, hər bir insan o qanunlara əsasən, öz əli altında çalışan insanlara zülm etməyə qadir olmayacaqdır. Hazırda Avropa ölkələrinin bir çoxunda mövcud olan konstitusiyalı dövlət quruluşu həmin filosofların fikirlərinin nəticəsidir... Buradan şüur və sağlam ağıl sahiblərinə tamamilə aydın olur ki, moizə və nəsihət çox mə’nasız işdir və insanların təbiətinə əsla tə’sir edə bilməz. * * * Xahiş edirəm ki, bu mətləbi də əziz qardaşım Mirzə Məhəmməd Cəfər üçün oxuyasınız: Tənqidin gələcək nəslin təbiətinə kamil tə’sirinin səbəbi odur ki, bu nəsil üçün tənqidin müəllifi artıq keçmiş nəslə mənsubdur. Beləliklə, gələcək nəslin tənqidin müəllifinə ədavət bəsləməsinə, inad və tərslik üzündən onun sözlərinə əməl etməməsinə heç bir səbəb yoxdur. Çünki müəllifin istehzası və eyib tutması onun öz müasirlərinə aiddir; gələcək nəslə əsla dəxli yoxdur. Buna görə də onlar təəssüf edəcək ki, müəllifin müasirləri və pis əməlləri və yaramaz hərəkətləri onun e’tirazına, irad tutmasına, istehzasına layiq olmuşlar. Bunun nəticəsində də onlar öz işlərində və əməllərində müəllifin müasirlərinin pis əməlləri və yaramaz hərəkətlərini təqlid etməyib, müəllifin dediklərini hər cəhətdən haqlı bilərək, onları canla-başla qəbul edəcəklər. Bu qeydin əlavəsini də Mirzə Yusif xana yazmaq lazımdır; bu qeydin əlavə əlaməti Xızrın nağılı zikr olunan qeydin sonundadır. Əgər bizim alimlərin e’tiqadına görə bu Xızr həmən adamdır ki, Allah Qur’anda onun haqqında xəbər verir və həzrət Musa ilə yoldaş olmuşdur, həm də yoldaşlığı zamanı bir mə’sum uşağı günahsız yerə öldürərək, belə fitva vermişdir ki, guya uşağın ata və anası çox yaxşı adam olmuşlar, ancaq bu yazıq uşaq böyüdükcə üsyana və küfrə səbəb olacaqdır. Bununla da öz ata-anasının ruhunu incidəcəkdir... Ona görə də qətli vacibdir. Belə isə Xızr nəinki səfehdir, bəlkə də onu divanə hesab etmək lazım gəlir. Ağıllı və rəhmli bir insan hansı əqli və nəqli dəlillərə əsasən, bu zalimin öldürdüyü kimi bir mə’sum uşağı bu cür mə’nasız fitva ilə öldürə bilər? Lakin mən bir şeyə təəccüb edirəm ki, bizim Allah bu əhvalatın yaramazlığından sərf-nəzər edib, həmin cinayəti bu qatilin vəsfində xəbər verir. Görünür ki, Allahın özü də elə zənn edir ki, onun bəndəsi olan bizlərin beynində zərrə qədər idrak qüvvəsi yoxdur... Haqqı vardır. Artıq nə deyim ki? Bu mətləbi də Mirzə Yusif xana yazmaq lazımdır: Əziz qardaşım Mirzə Məhəmməd Cəfər Kəmalüddövlədən inciyir ki, öz fikirlərini acı dil ilə ifadə etmişdir. Belə isə, bəs nə üçün Kəmalüddövlə ona çox acıqlı cavab yazan və onu gicbeyin hesab edən Cəlalüddövlədən incimir? Bəs nə üçün o, əsərlərinin üzünü köçürən və şəriətmədarlardan birinə yazdığı məktubunda Kəmalüddövləni “zındıqi-mülhid” və “Övrəng Zibin naxələf övladı” adlandıran, onun əsərlərini hərzə-hədyan hesab edən adamdan incimir? Bu kimi istehzalı və tə’nəli e’tirazları yad adamlardan eşitmək ağır və çətindir. Lakin dostlardan eşitmək insanın qəlbini kədərləndirməməli, incitməməli və onda ədavət və bədxahlıq hissi oyatmamalıdır. Tənqidin qaydası budur. Tənqid islam xalqlarının yazılarında təzə-təzə tətbiq olunur. Qoy Kəmalüddövlənin fikirlərini rədd edən ağıllı və mə’rifətli adamlardan birisi, istər İran dövlətinin siyasi işlərinə dair və istərsə də dini məsələlərə dair, ona özünün işlətdiyi kimi acı və istehzalı sözlərlə tənqid və cavab yazsın. Kəmalüddövlə bu cəzanı qəbul edər. Lakin heç kəsin onun əsərlərinin fikrini dəyişməyə, onları duzsuz, məzəsiz və quru bir şəklə salmağa ixtiyarı yoxdur. Xüsusilə qeyd etmək lazımdır ki, bundan sonra onları dəyişdirməyin heç bir faydası yoxdur. Çünki əsərin bir çox nüsxələrdən ibarət üzü köçürülmüş və olduğu kimi hər yerdə yayılmışdır. * * * Bu mətləbi də Mirzə Yusif xana yazmaq lazımdır: Əzəmətli ağam! Filan ilin filan ayında mən öz böyüklərimin icazəsilə yüksək İran dövlətinin baş konsulu vasitəsilə özümün sabiq əlifba layihəmdən bir nüsxə və cənab Ruhül-qüdsün əlifba layihəsindən bir nüsxə nəvvab, əşrəf, əmcəd, yüksək nəsəbli şahzadə, maarif naziri Əliqulu Mirzəyə göndərərək, onun bu məsələni Maarif Nazirliyində nəzərdən keçirib, öz rə’yi və təsəvvürünün nəticəsini mənə yazmasını xahiş etmişdim. O vaxtdan indiyə kimi bu xüsusda Maarif Nazirliyindən cavab gəlmədiyi üçün bu qərara gəlmişəm ki, yazılarımı Maarif Nazirliyindən geri istəyim. Lakin bu işə iqdam etmədən əvvəl, sizə məsləhət üçün müraciət edib, soruşuram ki, nazir cənablarının xətrinə dəyməmək üçün mən bu tələbimi Maarif Nazirliyinə nə şəkildə yazmalıyam?! Mirzə Yusif xana yazmaq lazımdır: Əzəmətli ağam! İranda babi məzhəbinin yolunu kəsmək üçün yeganə əlac, “Kəmalüddövlə məktubları”nın ideyalarını bütün xalq arasında yaymaqdan ibarətdir. Əks təqdirdə, bütün İran əhalisi babiməzhəb olacaq, Qacar sülaləsinin səltənəti isə zəvala uğrayacaqdır. * * * “Kəmalüddövlə məktubları”nın nəşri barədə İsakova yazdığım məktubun surəti Mərhəmətli cənab Yakov Alekseyeviç! Sizin yaxşı sifətləriniz haqqında dəfələrlə tə’rif eşitmişəm. Odur ki, mən Peterburqda olan başqa nəşriyyatları nəzərə almadan, qeyd edəcəyim bir məsələ barədə bilavasitə sizə müraciət edirəm. Məndə “Hindistan şahzadəsi Kəmalüddövlənin məktubları” adlı farsca bir əlyazması vardır. Mən onu rus dilinə tərcümə edərək, indi öz tərcüməmi orijinalla bərabər, sizin sərəncamınıza göndərirəm. Bu tərcüməni əvvəldən axıra qədər oxumağı sizdən acizanə xahiş edirəm. Əgər, sizin fikrinizcə, bu kitab rus oxucuları üçün maraqlı görünərsə, o zaman bu kitabı istər orijinal halda, istərsə də onun tərcüməsini, satışdakı müvəffəqiyyətlərinə görə, bir və ya bir neçə dəfə çap etmək ixtiyarını əldə etmək üçün mənimlə hansı şərtlər əsasında saziş bağlamaq istədiyinizi mənə bildirməyinizi xahiş edirəm. Əgər sizdən mə’lumat aldıqdan sonra mən sizin şərtlərinizə razılıq versəm, o zaman xahiş edirəm ki, hörmətli Vartanovun adına “cavab-qəbul” teleqrafla mənimlə müqavilənamə bağlanması haqda e’tibarnamə göndərəsiniz. Onu da nəzərdə tutun ki, mən bu kitabın fransız, alman və ingilis dillərinə də tərcümə edilməsini arzu edirəm və müəyyən şərt əsasında bu dillərdə tərcümələri Peterburqda çap etmək ixtiyarını da sizə verməyə hazıram. Odur ki, həmin kitabı göstərdiyim dillərə tərcümə etdirmək və sonra bir və ya bir neçə dəfə çap etmək üçün hansı şərtlər əsasında, ixtiyar almaq arzusunda olduğunuzu mənə bildirməyi sizdən xahiş edirəm. Əgər mən sizin göstərdiyiniz şərtlərə razılıq versəm, bu cavabı aldıqdan sonra xahiş edirəm ki, həmin kitabı ruscaya tərcüməsindən, dərhal göstərilən Avropa dillərinə tərcümə etmək üçün nəzərdə tutduğunuz mütərcimlərə sərəncam verəsiniz. Farsca orijinal mütləq çap edilməlidir. Əks təqdirdə, mən əsərin təkcə tərcümələrinin orijinalsız çap olunmasına icazə verə bilmərəm. Əsərin farsca orijinalı Rusiyaya tabe olan bütün müsəlman ölkələrində, o cümlədən ədəbi dili əsasən fars dili olan və yenicə Rusiyaya ilhaq edilmiş Orta Asiyada, habelə ingilislərin təsəllütü altında olan Hindistanın hər yerində, xüsusilə Bombey quberniyasında zərrə qədər çətinlik və təzyiqə rast gəlmədən satıla bilər. Ancaq onun İranda və Türkiyədə aşkar satılmasına ümid bağlamaq olmaz. Bu ölkələrdə onu tam inanılmış xüsusi adamlar vasitəsilə yaymaq olar. Müsəlmanların bu əsəri aşkar alıb oxumağa cəsarət etmədiklərini əvvəlcədən nəzərdə tutan müəllif bir növ hiylə işlədərək, öz kitabının başlanğıcında guya naşir tərəfindən yazılmış çox gözəl və aydın bir məktub yerləşdirmişdir. Bu məktubda başqa məsələlərlə yanaşı, müəllif “Kəmalüddövlə”yə qarşı onun müdafiəçisi olan dərin mə’lumatlı üləmanı və müsəlman ruhanilərini bu kitabın onların əllərinə keçən nüsxələrini yandırıb məhv etməkdən çəkinməyə çağırır. Müəllif onları inandırmaq istəyir ki, bu cür tədbirlərlə, əsərin milyonlarla nüsxəsi müxtəlif əllərdə olan Kəmalüddövlənin fikirlərinin kütlələr arasında yayılması yolunu zərrə qədər də olsun, bağlamaq olmaz. O həmin üləma və ruhanilərə məsləhət görür ki, bu allahsızın fikirlərinin tə’sirini və gücünü ağıllı və əsaslı tənqid vasitəsilə azaldıb məhv etsinlər. Nəşriyyatçı bu məktubunda yüksək məqam sahibi olan üləmanın belə bir tənqidi yazmağa böyük qabiliyyətləri olduğuna əmin olduğunu bildirir. O göstərir ki, müqəddəs imamlar dinin haqq olduğunu inkar edən dinsizlər və allahsızlarla apardıqları bir çox mübahisələrdə hərifin haqqında hər cür qəddarlıq etməyə qadir olmalarına baxmayaraq, özlərinin tam həlimliyi ilə yanaşı duran əsaslı təkziblərlə onların dəlillərini rədd edərək, dinsizləri və allahsızları tərksilah edib, yenidən müqəddəs dinin ağuşuna atmışlar. Əks təqdirdə, dəyərli tənqid olmadan, yalnız kobud söyüşlərlə Kəmalüddövlə əleyhinə başlanan tə’qib və ədavət, ancaq yüksək məqam sahibi olan üləmanın onun dəlilləri qarşısında acizliyini göstərər və nəzərdə tutulan məqsəd ələ gəlməz. Avropalı oxucular üçün bu məktubun heç bir əhəmiyyəti olmadığına görə, mən onu hələ tərcümə etməmişəm. Siz əsərin rusca nəşrinə öz tərəfinizdən müqəddimə əlavə edə bilərsiniz və onda göstərə bilərsiniz ki, islam dini meydana çıxan gündən hazırkı əsrə qədər, Şərqdə elmlərin durğunluğunun, dəhşətli despotizmin əmələ gəlməsinin səbəblərini və ümumiyyətlə, asiyalıların mədəniyyət və tərəqqi işlərinə qarşı laqeydliyi və e’tinasızlığının səbəblərini heç kəs başa düşməmişdir. Bu cəhətdən təkcə Firdovsi müstəsnalıq təşkil edir və o öz dühası ilə, həqiqətən, kəşf edə bilmişdir ki, Şərq xalqlarının bu qədər böyük bədbəxtliyinin səbəbi ərəblər və onların insan həyatına uyğunlaşmayan mənfur dinidir. Firdovsi isə dövründə onu əhatə edən müasirlərin müdhiş fanatizmi vasitəsilə sıxışdırıldığına görə, öz fikrini ehtiyatla, guya öz əqidəsi kimi deyil, ərəb ordularına qarşı vuruşlarda sonuncu İran şahı Yəzdgürdün sərkərdəsi olan Hürmüzd şah oğlu Rüstəmin əqidəsi kimi ifadə etmişdir. Məhz buna görə də, Firdovsinin əqidəsi bizim günlərə qədər mütəfəkkirlərin diqqətini özünə cəlb edə bilməmişdir. Yalnız Kəmalüddövlə hazırkı əsrdə Firdovsinin fikrini başa düşərək, onu parlaq bir şəkildə inkişaf etdirmişdir. Müqəddimədə habelə demək lazımdır ki, elə bir böyük siyasi və ya dini məsələ yoxdur ki, Kəmalüddövlə öz əsərində ona toxunmamış olsun. Tərcümədən aydın olduğu kimi, o, başqa məsələlərlə yanaşı, müsəlmanlara elə fikirlər aşılamağa çalışır ki, bu fikirlər avropalı oxuculara çoxdan mə’lumdur. Lakin avropalı oxucular bu fikirlərin əsərdə təkrarının yersiz olduğunu düşünməməlidirlər. Çünki bu kitab avropalılar üçün deyil, müsəlmanlar üçün yazılmışdır. Həmin fikirlər isə avropalılar üçün deyil, müsəlmanlar üçün tamamilə yenidir. Mütərcim isə onlar məhz ona görə tərcümədə saxlamağa məcbur idi ki, müəllifin öz xalqına nələri təbliğ etdiyinin avropalılar bilsinlər. Eyni zamanda, tərcümədən bunu da anlamaq olar ki, islamizmin bir çox sirləri bu günə qədər həm avropalıların, həm də müsəlmanların nəzərindən örtülü qalmışdır; yalnız bu kitabda oxuyarkən, həm müsəlmanlar islamizm haqqında tam aydın təsəvvür əldə edə bilərlər ki, indiyə qədər həm onlar və həm də bunlar üçün eyni dərəcədə namə’lum idi. Ola bilsin ki, bu əsərin bə’zi yerləri, sizin fikrinizcə, zəif görünsün. Ancaq siz onlara toxunmamalısınız. Birinci – ona görə ki, müəllif həmin zəif nöqtələr vasitəsilə bu əsər haqqında tənqid yazılmasını tə’min etməyi ürəkdən arzulayır. Çünki ancaq tənqid bu əsərin bütün dünyaya yayılmasına kömək edə bilər. İkinci – ona görə ki, bu zəif nöqtələr müəllifin sadəlövhlüyünü göstərə bilər ki, o, həmin vasitə ilə Avropanın dərin düşüncəli mütəfəkkir və filosoflarının hüsn-təvəccöhünü özünə cəlb etməyi nəzərdə tutur. Müəllif mütəfəkkir və filosof deyil, o, Avropa azadxahları (liberalları) ruhunda olan bir nəfər ziyalı müsəlmandır. Özü isə fars, ərəb və türk dilləri üzrə filoloqdur. Əsərin orijinalını çap etmək üçün mümkün qədər ən gözəl, aydın oxunan və iri şriftlər seçmək lazımdır. Haşiyələr isə orijinaldan kiçik, lakin aydın oxunan şriftlərlə yığıla bilər. Əsərin təshihi çox diqqətlə icra edilməlidir. Bilmirəm, xristianlardan farsca bilən elə bir adam tanıyırmısınız ki, təshih işini orijinala uyğun apara bilsin. Mən güman edirəm ki, bu kitabın və onun tərcümələrinin nəşrinə senzura ziddinə və habelə xristian dini əleyhinə bir kəlmə də yazılmamışdır. Bəlkə də, əksinə olaraq, mənim fikrimcə, bu əsər bizim hökumətimiz üçün eyni zamanda faydasız da deyildir. Çünki bu əsərin əvvəlindən sonuna qədər hər yerdə avropalıların yaşayış qaydaları, əxlaqı, insanpərvərliyi, ədalətliliyi, qanunları və ən’ənələri tə’riflənib, müsəlmanlar, arasında hökm sürən kobudluq, rəhmsizlik, əxlaqsıqlıq, vəhşilik pislənir. Bu o deməkdir ki, Rusiya torpaqlarında yaşayan müsəlmanlar, əgər “Kəmalüddövlə”nin ideyalarını mənimsəmiş olsalar, mütləq müsəlman despotlara qarşı nifrət edəcəklər... Bunu anladıqdan sonra rusların himayəsi altında canları, malları və namuslarının toxunulmazlığı tamamilə tə’min olunmuş müsəlmanlar ruslardan ürküb qaçmaq və uzaqlaşmaq hallarına son qoymuş olarlar. Onlar başa düşərlər ki, özlərinin İrandakı və Türkiyədəki qardaşları acınacaqlı vəziyyətdə və dəhşətli ehtiyac içində yaşayırlar. Onlar rus xalqı ilə qaynayıb qovuşacaq və dini e’tiqaddan doğan fanatizm və müridizm əbədi olaraq onların arasından məhv olub gedəcəkdir. Kor-koranə fanatizmin təlqininə uyaraq, öz ruhlarını müsəlman sultanının hakimiyyəti altında yaşamaqla “bağışlatmaq” təmənnası ilə müsəlmanların Türkiyəyə köçüb getmək əhval-ruhiyyəsinə son qoyulacaq. Eləcə də, təkcə Qafqaz ölkəsində hər il milyonlarca pulun heç bir faydası olmadan göyə sovrulmasına səbəb olan Məkkə ziyarətinə meyl aradan qalxacaqdır. Qafqaz müsəlmanlarında savadlanmaq həvəsi, elmləri öyrənmək cəhdləri əmələ gələcək, onların əxlaq və tərbiyəsi yaxşılaşacaq, onların arasında oğurluq və müxtəlif cinayətlər, xüsusilə, çox zaman ehtiyac üzündən deyil, savadsızlıq və mədəniyyətsizlik üzündən “igidlik əlaməti” sayılan soyğunçuluq hadisələri azalacaqdır. İndiyə qədər əhalinin əksəriyyətini rus dilini öyrənməkdən çəkindirən ancaq dini əqidələrdir; ruhanilər xalqı inandırmaq istəyirlər ki, rus dilini öyrənmək günahların bağışlanmasına mane olur. Siz elə güman etməyin ki, müsəlmanların Kəmalüddövlənin ideyalarını mənimsəməsi və onun nəzərdə tutduğu məqsədin əldə edilməsi üçün əsrlər keçməlidir. Əksinə, əksəriyyətinin savadsız olmasına baxmayaraq, islamizmin yalan olmasına dair bu kimi ideyalar kütlə arasında çox sür’ətlə yayıla bilər. Çünki savadlı müsəlmanlardan bir nəfəri kitabı oxuyub mətləbi başa düşdükdən sonra, onun mündəricəsini şifahi surətdə nağıl etmək yolu ilə onun fikirlərini yüzlərcə öz həmvətənlərinə aşılayacaqdır. İndi hər hansı bir dinə, xüsusilə köhnəlmiş dinlərə qarşı dinsizcəsinə mühakiməyə olan həvəs o qədər güclüdür ki, əsəri oxuyan şəxsin onun məzmununu başqalarına söyləməsinin qarşısını ancaq inkvizisiya yolu ilə almaq ola bilər. Tezliklə siz görəcəksiniz ki, bu kitabın şöhrəti sür’ətlə İrana və Türkiyəyə yayılacaq, Qafqazdakı kitab satıcıları isə bu kitabın nüsxələrini göndərmək barədə həmin ölkələrdə yaşayan şəkkaklardan (dini şübhə ilə baxanlarda – Mütərcim) ardı-arası kəsilməz gizli sifarişlər alacaqdırlar. Mənim fikrimcə, təkcə Rusiya üçün deyil, başqa Avropa dövlətləri üçün də həm siyasi cəhətdən, həm də Şərqdəki insanlarla həmdərdlik nöqteyi-nəzərindən məktəblərdə oxuyan müsəlman yeniyetmələrini bu kitabın nüsxələri ilə təchiz etmək lazımdır və faydalı bir işdir ki, bu vasitə ilə onların şüurunda insanlıq vəzifələrinə və mədəniyyətə dair düşüncələri inkişaf etdirmək, onların avropalılarla, yə’ni xristianlarla yaxınlaşdırmaq mümkün olsun. Müəllif axirət haqqında düşünənlərdən deyil; o, bu kimi şeylərə heç bir əhəmiyyət vermir. O, ancaq o dinə üstünlük verir ki, insanı bu dünyada xoşbəxt və azad edə bilsin. Əgər mənim arzularıma rəğmən, senzura orijinalda, ya da tərcümədə bu və ya başqa bir dəyişiklik əmələ gətirmək fikrində olarsa, o zaman əsəri məndən aldığınız vəziyyətdə mənə qaytarmağınızı xahiş edirəm. Çünki mən heç bir dəyişikliklə razılaşa bilməyəcəyəm. Bir daha təkrar edirəm ki, mən bu kitabın müəllifi deyil, ancaq sahibiyəm. Ona görə də sizdən xahiş edirəm ki, istər orijinalda, istərsə də tərcümələrin hər hansında olursa olsun, mənim adımı çəkməyəsiniz. Çünki mən hal-hazırda savadsızlığı üzündən onun faydası üçün çalışdığımı başa düşməyən xalqımın qəzəb və ədavət hissini özümə qarşı çevirmək istəmirəm. Orijinalın müəllifi Kəmalüddövlə adlanır. Tərcüməçi üçün də özünüz bir təxəllüs düşünüb yazınız. Tərcümə çapdan çıxarkən, siz öz mülahizənizə görə onun mündəricəsinə uyğun sərlövhə tərtib edə bilərsiniz. Sizin sərlövhənizi fars dilini bilən bir adam özünüzün diktə etdiyiniz kimi, orijinal üçün də tərcümə edə bilər. Sonra həm orijinalın, həm də tərcümənin çapdan çıxmasına dair, oxucu kütlələrində əsərə maraq oyandıra bilən ifadələrlə bir neçə dəfə yazmağı, yə’ni, adətən sizdə mə’mul olduğu kimi, lazımi e’lanlar verməyi unutmayın. Orijinalın və onun tərcüməsinin nəşrini Kəmalüddövlənin, Cəmalüddövlənin, Firdovsi və sairə bu kimi məşhur adamların şəkilləri ilə, habelə əsərin mündəricəsinə görə özünüzün düşündüyünüz başqa təsvirlərlə, məsələn, minbər, vaiz və camaatın olduğu məscid təsviri, xüsusilə, belə bir səhnənin təsviri ilə ki, Ələmut meydanında Əla-Zikrihissəlam minbərin ətrafına müxtəlif rəngli dörd bayraq sancaraq, öz islahatları haqqında xalqa mə’lumat vermək üçün təntənə ilə minbərin üstünə qalxır; habelə peyğəmbərin “müqəddəs” sayılan övladına yas tutaraq, fəzanı hay-havarla doldurduqları mərasimin təsviri və sairə ilə bəzəməyi lazım bilirsinizmi? Məktubun sonunda hər cür təsadüfə qarşı sizə bunu da xatırlatmağı yersiz hesab etmirəm ki, əgər mənə mə’lum olmayan hər hansı bir səbəbə görə, bu kitabı və onun tərcüməsini nəşr etmək sizə mümkün olmazsa, bu xüsusda dərhal məni xəbərdar ediniz. O zaman mən onları Peterburqda göstərəcəyim şəxsə verməyinizi xahiş edərəm ki, o da əsərin nəşr edilməsini Peterburqda olan başqa bir nəşriyyatçıya təklif edə bilər. Səmimi ehtiram və sonsuz sədaqətlə sizə ixlası olan M.F.Axundzadə. 12 fevral 1875-ci il, Tiflis. * * * Kitabxana.az · https://kitabxana.az/collections/axundzade-tenqid-risalesi İctimai mülkiyyət (müəllifin vəfat ili: 1878). Public domain (author died 1878). Original text only.