Qəzəllər Bahar Şirvani (1834–1883) Aç qara zülfünü ta səfheyi-rusxarı tula Aç qara zülfünü ta səfheyi-ruxsarı tuta, Xoş olur sünbül əgər açıla gülzarı tuta. Hər zaman müşki-Xitadən iy oğurlar zülfün, Möhtəsib hanı ki, bu düzdi-xətakarı tuta? Bilməyirsən neçə min aşiq olub zülfünə bənd, Zülf qalmaz sənə gər hər biri bir tarı tuta. Hiç insaf deyil, zülfünə canım qurban, Mən duram, özgələr ol türreyi-tərrarı tuta. Qorxum oldur ki, görə zülfünü zahid nagəh, Buraxıb sübheyi-səddanəni, zünnarı tuta. Nə əcəb etməsə ol şux mənimlə göftar, Neyləsin, yox o qədər arzı ki, göftarı tuta. Yalvara-yalvara zülfün nə olur tutsa Bahar, Çox əcəb sanmayın əfsungər əgər marı tuta. * * * Derdim o məst gözlərinin çox bəlası var Derdim o məst gözlərinin çox bəlası var, Gördüm o qara zülfü onun da xətası var. Hərgiz behiştə meyl eləməz, huri istəməz, Hər aşiqin ki, sən kimi bir dilrübası var. Derlər bahadır ağzına can, bilməzəm neçün Bu yox olan şeyin bu qədər çox bahası var? Müjganın ilə çeşmini gər sorsalar nədir, Bimar piri gör ki, əlində əsası var. Bir naz ilə xuramə gəl, ey sərv, ta görək Hüsn içrə hansı sərvqədin iddiası var. Yox eybi gərçi hicrin ilə ölməgin, vəli Çeşmin görəndə ölməgin özgə səfası var. Fəxr eylə kim, qulamınam, ey xublər şəhi, Hansı şəhin Bahar kimi bir gədası var? * * * Gər zülfün ilə beylə ola aşina gözün Gər zülfün ilə beylə ola aşina gözün, Axırda başıma gətirər min bəla gözün. Ey bivəfa, cəhanə gözün saldı fitnələr, Zülfün gərək edə, niyə eylər xəta gözün. Könlümlə zülfünün var idi əvvəl ülfəti, Axırda eylədi anı da bivəfa gözün. Məcruh sinədə yenə könlüm görünməyir, Billah, ya qaşın aparıb anı, ya gözün. İmanım almamış eləməz qəsd qətlimə, Həm qanımı tökür, həm alır xunbəha gözün. Zülfü xətin ümidimi səndən kəsər, vəli Eylər arada özgə işarət mana gözün. Eylər Məsih ləblərinə çox nəzər, məgər Bimardır mənim kimi, istər dəva gözün? Can verməyib nigahına müşkül deyil, vəli Bir cana müşkül eyləyəcək iktifa gözün? Min rəngilə Baharı salıbdır bəlalərə, O ağ üzün, o al yanağın, ol qara gözün. * * * Hər kim ki, hicri-yar ilə düşsə dimağdən Hər kim ki, hicri-yar ilə düşsə dimağdən, Heç açılırmı könlü onun seyri-bağdən? Sordum sorağını, dedilər qeyrə yar olub, Ey kaş lal olaydı dilim bu sorağdən. Ölməkdən özgə yox mənə eşqində bir vüsul, Pərvanə yanmağın sevər ancaq çirağdən. Bir lalə üzlü yar çəkib dağ sinəmə, Ya rəb, sən etmə sinəmi xali bu dağdən! Yetdikdə gül dodağına mey bilməzəm alır Meydən dodaq nəşəni, ya mey dodaqdən?! Sənsiz əgər bahar açıla istəməz Bahar, Nə qönçə bardən açıla, lalə dağdən. * * * Ləli-ləbin ki, xəlq deyirlər şərab ona Ləli-ləbin ki, xəlq deyirlər şərab ona, Xasiyyəti-şərab tapar yetsə ab ona. Şirin ləbin ki, ləl ürəyin qanə döndərib, Yoxdur üzündə qanı, deyən ləli-nab ona. Görmək şüai-arizini kimdə tabi var, Bitablıq edib nə salırsan niqab ona?! Gündən-günə saraldı, görüb hüsnünü yenə, Girməz yerə ki, qarşı çıxar aftab ona. Nəfyi-vücudi-nöqteyi-mövhum edər həkim, Ağzın deyəydi kaş açılıb bir cavab ona. Zahid ki, eşqi küfr deyib hökm edər, Bahar, İmanə gəlməz, oxuyasan min kitab ona. * * * Mey nuri cilvə eylədi cami-bülurdən Mey nuri cilvə eylədi cami-bülurdən, Cami-büluri gör ki, ləbaləbdi nurdən. Ruxsarın atəşi məni yandırdı durdən, Əlbəttə, yandırar, düşə gün gər bülurdən. Naz ilə bir xuramə gəl, əmvatə qıl güzər, Ta "mərhəba!" səsi gələ əhli-qüburdən. Zahid sözilə kim büti-meyxanədən keçər, Özü görək keçirmi behişt ilə hurdən? Ol bivəfa tutarmı vəfa ilə dəstimi, Basmaz ayağını gözümə çün qürurdən. Meyxanəyə Bahar qürur ilə meyl edər, Zahid qüsura meyl qılır [kim] qüsurdən. * * * Şadəm, gəl, ey sənəm, məni eşqində qanə çək Şadəm, gəl, ey sənəm, məni eşqində qanə çək, Gər bavər etməsən, sözümü imtahanə çək. Şəm'i-rüxundən ayrılığım etdi kül məni, Pərvanə tək özün tərəfə yanə-yanə çək. Şayəd ki, bir də arizinə düşməyə gözüm, Yüzdən o qara zülfünü, gəl, bircə yanə çək. Ol səngidil nigarə məgər eyləyə əsər Könlümdən, ey şərareyi-ahım, zəbanə çək. Hicrin günündə, bəlkə mənə qəmküsar ola, Hər qədr var qəmin, bu dili-natəvanə çək. Ollam həlak yadi-rüxünlə baxıb gülə, Ey yari-həmnişin, məni az gülsitanə çək. Etmək Bahar könlünü aşüftə istəsən, Naz ilə, gəl, o zülfi-pərişanə şanə çək. * * * Tutsam şərabı gər ləbinə tay, haramdır Tutsam şərabı gər ləbinə tay, haramdır, Gər nöğrə söyləsəm təninə, hərfi-xamdır. Ruxsarın üzrə zülfünə baxdım o qədr kim, Gördüm ki, gün qürub eyləyib, vəqti-şamdır. Mahi-tamam səhv ilə bir gün dedim sənə, Hər kəs eşitdi, dedi: bu söz natamamdır. Zalım, bu qədr könlümü qan etməyin nədir, Qan etmədim, dedim ləbinə ləl, namdır. Zahid bilirmi hiç miyanın hekayətin, Nazik sözü nə bilsin o kəs kim, avamdır. Zahid, təvafi-Kəbəni qoy, bir güzar qıl, Meyxanə içrə gör nə səfalı məqamdır?! Dedim ki, şəhddir ləbin, ey canı cismimin, Dedi: görün Bahar nə şirinkəlamdır. * * * Yetməz tamamə zülfi-siyahın hekayəti Yetməz tamamə zülfi-siyahın hekayəti, Bir qissədir uzun, onun yox nihayəti. Axırda etdi xaluvu da qan içən ləbin, Yoldaşlığın, bəli, olur axir sirayəti. Öylə ki, tari-zülfün ona hər zaman dəyir, Axırda incinib, üzün eylər şikayəti. Dedin ki, kim əlac edər zəxmi-sinəvə, Qəmzən edər əlac, əgər olsa inayəti. Qəddin hədisi aləm ara saldı fitnələr, Şuriş düşər yetəndə, bəli, məhşər ayəti. Tapmazdı ləblərində könül çeşmeyi-həyat, Xizri-xətin gər eyləməyəydi hidayəti. Derlər ki, hicr qayəti hicrandır, Bahar, Yarəb, hara yetə, görəsən, hicr qayəti? * * * Zülfün kimi qaraldı könül dudi-ah ilə Zülfün kimi qaraldı könül dudi-ah ilə, Eşqində iddia edərəm bu güvah ilə. Netsin o tari-zülfünə bu qan olan könül, Mümkünmüdür bacarmaq o zülfi-siyah ilə?! Hər guşəsində gözlərinin min bəla yatıb, Necə can almasın belə göz bir nigah ilə? Lütf ilə yığdı süni-qəza hüsni-ruyinə, Necə ki, bağban gülü bağlar giyah ilə. Müjgan səfini sinəmə çəkmək rəva deyil, Gəlmək xərabə mülkə nə lazım sipah ilə?! Fikri həmişə qanını tökməkdir aşiqin, Muxtardır, nə etmək olur padişah ilə! Meyxanəyə Bahar girib "ya sənəm" deyir, Zahid girəndə Kəbəyə yüz "la ilah" ilə. * * * Kitabxana.az · https://kitabxana.az/collections/bahar-sirvani-qezeller İctimai mülkiyyət (müəllifin vəfat ili: 1883). Public domain (author died 1883). Original text only.