Mənzum hekayətlər Abbasqulu ağa Bakıxanov (1794–1847) Avamın nöqsan axtarması Eşitdinmi, bir kişi öz oğlu ilə bahəm, Eşşəyinə minərək gedirdi yolu biğəm. Hər kim onu görürdü, edirdi çoxlu töhmət, Rişxənd ilə gülurdu, tənəsə binəhayət, Utanmayır yaşından,--deyirdi--bir buna bax, Özü minib eşşəyə, piyada gedir uşaq. Kişi xəcalət çəkib öz-özünə deyindi, Tez oğluna söylədi: «Min eşşəyə sən indi». Töhmətlə söylədilər görüncə başqaları: «Qoca gedir piyada, cavan isə süvari». Tez atıldı kişi də yenə eşşəyə mindi, Başqa biri onları belə görüncə dindi: Dedi--«Bəh, yazıq eşşək necə gətirsin davam, Zülmdür bir eşşəyə minərsə iki adam». Hər ikisi düşdülər, piyada yol getdilər. Yenə görənlər gülüb çox istehza etdilər. «Nə axmaqdır,--dedilər--bu kişi, bir buna bax, Eşşək boş qala-qala piyada gedir uşaq». Kişi gördü qalmamış əldə başqa imkanı, Buraxdı eşşəyini, təki qurtarsın canı. Yenə xalq əl çəkmədi, başladılar töhmətə, Dedilər: «Bir baxınız axmaq bifərasətə. Bu cür gözəl eşşəyi müftə verirlər bada, Nə qəribə axmaqlar var imiş bu dünyada». Qoca nə eylədisə lağ etdilər hey ona, Axırda təngə gəlib söylədi öz oğluna: «Bu eşşək əcəb bizi qalmaqala salıbdır, Töhmətdən qurtarmağa bircə çarə qalıbdır. Eşşəyin qol-qıçını möhkəmcə bağlayaraq, Mindirib dalımıza gülə-gülə aparaq. Gəl mənfəət güdmədən edək bunu imtahan, Xalqın acı dilindən qurtaraydıq bəlkə can». Ey Qüdsi, sən ibrət al bu kişidən ayıq ol, Xalqın tənələrindən qurtarmaqçın sayıq ol. Onlar, nə etsən, yenə tapacaqlar bəhanə, Edəcəklər səni bil oxlarına nişanə. Qulaq assan tənəyə, ya da yersiz mədhə sən, Elə bil ki, dalına bir eşşək mindirmisən. * * * Dua və təvəkkül Abbasilər dövləti hökmrandı, Bu vaxt düşdü bərk quraqlıq Bağdada. Hərarətdən ürək yandı, dil yandı, Susuzluqdan Dəclə gəldi fəryada. Qadın-kişi ağlayaraq bu zaman, Biyabanda əl açdılar səmaya. Yalvardılar. Etdikləri ah-aman, Heç bir təsir göstərmədi xudaya. Bu maraqlı əhvalatı görərək, Məcnunnüma Bəhlul bir dəm açdı dil, Söylədi ki, sərf etməyin boş əmək, Ey avamlar, bu yalvarış düz deyil. Nə çıxar bu yersiz ahü nalədən, Bu nə dua axı, bu nə həyəcandır? Dərdə əlac yolu deyil bu şivən, Bizə gizli şey--allaha əyandır. Biz bağlarkən qapımızı gecələr, Açar niyaz qapısını yaradan, Gecə xəlvət tapar hər sahibnəzər, Çətin dərdə gecədir ən xoş dərman. Gecə sakit, kəsiləndə səs, səda, Təsir edər dualar bil, daha da. Gecə hisslər açıqdır tamam, kamal, Haqq demişdir: «Gecələri olma lal». İnandılar, toplaşdılar sərasər, Məcnunnüma Bəhlul ilə bərabər. Üz qoydular səhraya gecə yarı, Bağ yanından düşdü bu dəm yolları. Bəhlul döydü o qapını nagahan, Taki çölə çıxdı təlaşla bağban. Dedi: «Nədir bu vaxt belə iztirab?» Bəhlul isə verdi ona tez cavab: «Nə yatmısan qəflətdə ey filani, Durub bağa sən bir az su versənə». Bağban dedi: «Ey aləmin nadani, Sənə əbəs demədilər divanə. Bu nə yersiz təklifdir, məni gecə, Hay-küy salıb qaldırırsan ayağa?! Bağban özü yaxşı bilir ki, necə, Nə zamanda su verəcək o bağa». Bəhlul baxıb camaata məstanə, Dedi ki, ey ağıldan dəm vuranlar, Kimdir deyin indi dəli, divanə, Bu işlərdən etmək lazım sizə ar. Bu bağbandan ibrət alın, de məgər, Allah bilmir işini bağban qədər?! Ey Qüdsi, bax biz əcəb biçarəyik, Dünyadan və dindən də avarəyik. Nə təvəkkül bacarırıq dünyada, Nə də ağıl gəlir bizə imdada. * * * Haqq söz Yadımda deyildir nə vaxt və kimdən, Belə bir hekayət eşitmişəm mən: Bir gənc padşahın bir yarı vardı, Hüsndə dünyanı heyran qoyardı. Pəri tək gözəldi o tamam-kamal. Şirin danışardı o huri camal. Saçından gözəllik alardı sünbül, Üzünün odundan rəng alardı gül. Bir gecə padişah eşitdi xəlvət, Bir arvad o yara edirdi töhmət. Deyirdi: «Nə oldun hüsnünə heyran? Təkcə bir hüsnilə yaşamaz insan. Camalın nəhayət heçə enəcək, Qaş kimi dartılma, qıvrılma saç tək». Gözəli bu tənə qızartdı, birdən-- Zülfü tək qıvrılıb cavab verdi: «Sən Yersiz təhqir etmə hüsnü bu qədər, O hansı dövlətdir hüsnə bərabər? Bundan da böyük bir dəlil istərsən? Ki, şah haqqın yerdə sayəsi ikən, Onun fərmanına baxarkən cahan, Özü də hüsndən almada fərman». Söylədi o arvad: «Ey qafil gözəl, Hüsnünlə bu qədər lovğalanma gəl, Dünyada səltənət çox alçaq şeydir, Sadə, şən yaşamaq ondan çox yeydir. Şah qafil yaşasa xalqdan, dövlətdən, Zövq alsa ancaq o eyşü işrətdən, Cilovu versə o sən tək gözələ, Dövlətin əsası verilər yelə. Hasili boş olar, ölkəsi xərab, Dünyada məşəqqət, üqbada əzab. Dünya, din işinə baxarsa yəqin, Düzələr ölkəsi, rövnəq tapar din, Adına deyilər ədalətli şah, Ona kömək edər hər işdə allah. Şahın vaxtı keçər qovğalarda tam, Yediyi heç olar, yuxusu haram. Belə şah gözəldən gözləməz fərman, Heç onu görməyə tapmazsan imkan. Əsl şah göstərib xalqa ədalət, Kəndlidən daha çox çəkər əziyyət». Bu sözü eşitcək cavan hökmdar, Ürəyi titrəyib oldu biqərar, Dili söz tutmadı, ciyəri yandı, Bir zaman şəkiltək cansız dayandı. Dedi öz-özünə: «Kişidir adın, Sənə yol göstərir amma bu qadın». Taxtından, tacından əl çəkdi sultan, Qurtardı şahlığın ehtiyacından. Ey Qüdsi, bu halda necə hikmət var, Onunçun şahlıqdan keçdi hökmdar. Utanıb bir ibrət almırsan nədən, Qırmırsan köləlik zəncirini sən? * * * Hikmətin fəziləti Qədim bir kitabda verilmiş xəbər- İranda bir həkim varmış mötəbər. Ümidi yox ikən onun sabaha, Belə bir sifariş göndərdi şaha: «Onun üzüyünü böyük hökmdar, Ən müdrik adama versin yadigar». Şah bu vəsiyyəti icra edərkən, Ehtiyat edirdi divanələrdən. Çünki hər dövlətli, kasıb, hər gəda, Özünü ən müdrik bilir dünyada. Nəhayət hamını çağırtdırdı şah, Onları mətləbdən eylədi agah. Dedi: Üç suala istərəm cavab, Kim daha düz desə olsun intixab.- Əvvəl--ən xeyirli nədir müxtəsər? Tamahkar olanlar dedilər ki,--zər Vergi toplayanlar dedilər: xərac! Tacirlər dedilər: alver və rəvac! Şah dedi: Uzaqdır bunlar mətləbdən Orada bir qoca durmuşdu, həmən. Söylədi: hər şeydən xeyirli--hünər! Hünərsiz heç bir şey olmaz müyəssər. Şah qəbul eylədi, soruşdu yenə! Dünyada hər şeydən yaxşı deyin, nə? Yüksəldi müxtəlif səslər saraydan: Şahın razılığı... şadlıq... firavan, Yenə də o qoca dedi bu sözü: Hər şeydən yaxşıdır, yaxşılıq özü Çünki yaxşı sifət olarsa səndə, Afərin söyləyər dost da, düşmən də, Şah dedi: Ən lazım nədir insana? Yenə də çox fikir çıxdı meydana. Şah isə qocaya edirdi diqqət, Dedi: Ən lazımlı şeydir--həqiqət. Həqiqət olmasa, olmaz intizam, Dünya həqiqətlə dolanır müdam. Şah qalxıb qocaya eylədi təzim, Üzüyü hörmətlə eylədi təqdim. Əmr etdi saraydan getməsin bir an, Ki, alsın hər işdə məsləhət ondan. Nəhayət oldu o şahın vəziri, Ölkəni düzəltdi onun tədbiri. Nə yaxşı olardı hər ölkədə ah, Olaydı belə bir vəzir ilə şah. Ey Qüdsi, hikmətdən varsa xəbərin, Yaxşı adamlarda olsun nəzərin. * * * Kələkbazlıq Misirdə bir nəfər Rinud kəndindən, Gedib bir şəhərdə sərbəst gəzərkən, Yolda düçar oldu ona bir cavan, Ki, onun hüsnünə qaldı mat, heyran. Gizlədib qəfəsdə o can quşunu, Qorxusuz soruşdu kim olduğunu. «Məhəmməd»,--deyincə adını həmən, Onu qucaqlayıb öpdü üzündən. Cavan qəzəbləndi, hay-haray saldı, Dərhal ətrafını əhali aldı. Bir çoxu qəzəbdən qıyıb canına, Çəkib apardılar şahın yanına. Çığırdı qəzəblə padşah ona, —«Nə üçün zülm etdin,--dedi.--cavana?» Kəndli üzr istəyib dedi: «Şəhriyar! Bu işi tutmuşam lap biixtiyar. Bilən tək adıdır onun Məhəmməd, Huş getdi əlimdən qalmadı taqət. Eşqin bilirsənmi xasiyyətini, Məcnun öpmədimi Leyli itini?» Əmr etdi padişah vermədən ara, Bir nökər çağırdı üzü qapqara. Surəti eybəcər, çirkin, müdhişdi, Sanki cəhənnəmdən çıxıb gəlmişdi. Şah dedi: «Məhəmməd adlanır bu da, Öp görüm, aşiqsən əgər bu ada». Rind dedi: «Ey dinin pənahi olan, Sənsən bu dünyada adil hökmran. Doğrudur, adlanır bu da Məhəmməd, Təkcə mən deyiləm burada ümmət. Qoy onu başqası öpsün bu anda, Ta ki, feyz aparsın bir müsəlman da». Nə xoşdur, aman, bu gözəl macəra, Bənzəyir bizdəki hala, rəftara. Bizə nə xoş gəlsə, biz də o saət, Adına deyərik təqva, ibadət. Qüdsi də belədir, yeri gələndə, Deyir ki, itaət edirəm mən də. * * * Məlamət əlaməti Çox gözəl hekayət yadıma düşdü, Ya da bir şikayət yadıma düşdü. Bir fəqir, gələrək yüz ahü zara, Şikayət edərək bir hökmdara. Dedi ki, bu kənddə var bir bostanım, Onunla dolanır bil, xanimanım. Qonşunun camışı girib bostana, Onu ayaqlayıb edib virana. Hakimsə danlayıb yazıq kişini, Dedi: «Sən tutaydın möhkəm işini. Bir hasar çəkmədin bostana nədən? «Tikanla örtmədin hasarını sən». Dedi ki, camışa bunlar nə edər, Hasar, tikan ona edərmi əsər? Dırnağı, buynuzu möhkəmdir onun, Zoru çox, şüuru çox kəmdir onun. Dağıdar önünə nə çıxsa haman, Özünə yol açar bu qanmaz heyvan. Qüdsi, heyrətdəyəm ki, hər bişüur, Hər şeydə işlədir qanmazlıqla zur. Soxulur önünə çıxsa ev, bostan. Tapdayıb eləyir yer ilə yeksan. Dindirsən deyir ki, qorxan deyiləm. Yəni ki, camışam, insan deyiləm. * * * Məşvərətin şərtləri Məna gülşəninin ustadı yenə, Belə güllər səpdi öz gülşəninə: Bir zaman Şirvanda bir əmir vardı Zahiri, batini xoş hökmdardı. Vücudi əzizdi, hümməti yüksək, Lakin xudpəsənddi, hər zaman gərək, Hər işdə sarayda olan adamlar, Onun dediyini edəydi təkrar. Əksinə çıxmazdı onun bir insan, Getdikçə qalırdı ağlına heyran. Məsləhət zamanı bir şəxsi-fazil, Əmirin sözünü eyləyib batil, Dedi: «Həqiqəti danmayınız bir, O iş başqa cürdür, belə deyildir». Əmir çox söylədi, o eşitdi az, Dedi ki, düz sözü rədd etmək olmaz. Nəhayət, qızışıb qışqırdı əmir: «Ədəbsiz, nə hədlə elədin təhqir? Unutdun ki, mənəm burda hökmran, İcra olmalıdır verdiyim fərman!» O fazil əmirə cavab verərək, Söylədi: «Hər şeydə bir düzlük gərək. Danışma, heç bir şey görmə--əmr etsən, Susaram, yumaram gözlərimi mən. Əmr etsən anlama! Əfv et, hökmdar, Bu işdə əlimdə deyil ixtiyar». Əmir dediyindən oldu peşiman, Sonra dedikləri vermədi ziyan: Düzlükdən qüdrətli bir dövlət yoxdur, Ey Qüdsi, düzlükdə səadət çoxdur. Düz iş yoxlanarsa nə qorxusu var, Düşmən də düz işi eyləməz inkar. Deyək heç yoxlayış olmayacaqdır, Düzlük özü qəlbə möhkəm dayaqdır. * * * Qarı və harun Bağdadda bir qarı yaşardı küsgün, Taleyi ömrütək zavallı, düşgün. Harun sarayına yaxın yaşardı, Viranə qalan bir daxması vardı, Saray genişlənib düzülən zaman, Lazımdı sökülsün bu ev də, haman. Qarıya nə qədər əvəz verdilər, O dedi: «Daha çox qiymətə dəyər». Daha on min qızıl verdilər azı, Yenə də rədd edib, olmadı razı, Hər yandan dedilər: «Dəlisən, nəsən, Getmirsən bu uçuq boş viranədən». Dedi: «Mən dəliyəm, bəs Harun niyə, Belə çox pul verir bu viranəyə?». Ey Qüdsi, dövlət bir pərdədir, inan, Onunla örtülür cinayət, nöqsan! Bir məsəl dedilər, dövlətə bağlı, Harunun nöqsanı, qadının ağlı. * * * Xeyirli işin faydası Bir qocanı gördü cavan bir əmir, Ki, bağında zəhmət çəkib qoz əkir. Gülüb dedi: «Ey zavallı biləsən, Dərd qalacaq sənə bunca zəhmətdən. Başqa ömür lazımdır ki, bu ağac, Meyvə verib, dərdinə olsun əlac?». Qoca dedi: «Ey şöhrətli hökmdar, Başqaları əkdi, yedik, nə olar? İndi də biz zəhmət qəbul edərək, Nəsillərçin qoz ağacı becərək. Yaxşılığın budur rəsmi dünyada, Yaxşılıq et, səni salsın el yada». Əmir onun sözlərini xoşladı, Neçə dinar çıxarıb bağışladı. Qoca dedi: «Çoxu əkdi və illər-- Gözlədi ki, əkdiyi versin səmər. Mən əkirdim başqalarçın, güldü baxt, Məhsul aldım zəhmətimdən əkən vaxt. El üçün kim girişərsə bir işə, Özü dəxi xeyir görər həmişə». Qüdsi, bu xoş sözlərin nə xeyri var, Dediyini işdə eylə aşikar. * * * Ümidin boşa çıxması İş bilən, ağıllı, qoca bir dehqan, Bir gecə söylədi belə bir dastan: Ki, Həsən adında bir kəndli vardı, Bağbanlıq edərək rahat yaşardı, Dünyanın qəmindən ürəyi azad, Əkindən başqa şey eyləməzdi yad. O, məhsul alardı, cüzi, bir qədər, Xərcinə çatardı güclə, bir təhər. Xeyirxah bir qərib Həsəni gördü, Ona çox qəribə bir toxum verdi. Həsən əkdi onu, çəkdi çox zəhmət, Yetişdi bir neçə alma nəhayət. Heç kəs belə alma görməmiş yəqin, Onda ətri vardı gözəl güllərin. Bir yanı qırmızı, sarı bir yanı, Var idi fərəhdən, dərddən nişanı, Aşiqlə məşuqdur guya bu sayaq. Birləşib oturmuş qucaqlaşaraq. Həsən çox dəyərli gördükdə barı, Bilmədi nə etsin bu almaları. Əqlinə gəlirdi onun min xəyal, Gah dedi: «ver yesin qoy əhli-əyal». Gah dedi: «gəl göndər dosta ərməğan, Qalsınlar belə bir almaya heyran». Gah da pul qazanmaq gəldi niyyətə, Dedi ki, sataram baha qiymətə. Axırda o gəldi belə qərara: «Layiqdir bu alma hökmdarlara». Qəlbini bəzədi min rəngli xəyal, Sudakı köpüktək coşdu ehtimal. Zənn etdi sevinər buna hökmdar, Eləyər ölkədə onu bəxtiyar. Belə xoş ümidlə, yüksək xəyalla, Yönəldi şəhərə, gördü cəlalla Şah çıxır səfərə, tələsik Həsən, Şaha təqdim etdi almaları şən. Şah fərman verdi o, sarayda qalsın, Qayıdan zaman bir mükafat alsın. Lakin xadimləri bədcinsdi tamam, Həmişə avara, nəməkbəhəram. Nə xalq, nə də dövlət düşürdü yada, Bir qızıl-gümüşdü məqsəd dünyada. O uca qapıda çox alçaqdılar, Xidmətdə daima zalim, cəfakar. Belə alçaqların əlində ikən, Gör necə bəlaya rast gəldi Həsən. Saxlayıb müxtəlif evlərdə miskin, Evindən saldılar onu didərgin. Yorulub belə bir işdən nəhayət, Zindana salaraq oldular rahət. Həsən, o binəva, o yazıq Həsən, Sonsuz əzab çəkdi, qəlbində şivən. Gün keçdi, ay keçdi, gəldi hökmdar, Həsənin halından olub xəbərdar. Əmr etdi hüzura gəlsin o bağban, Təəssüf eyləyib bu işə sultan. Hökm etdi açsınlar ta xəzinəni, Salsınlar oraya təkcə Həsəni. Könlü nə istəsə götürsün dövlət, Bəlkə yaddan çıxa çəkdiyi zillət, Girdi xəzinəyə tək-tənha Həsən, Heyrətə düşdü o bu xəzinədən. Bircə şey alsaydı ömrünə bəsdi, Lakin daş-qaşlardan tamahı kəsdi. Götürdü iki şey ancaq oradan: Biri balta idi, biri də Quran. Bu xəbər çatdıqda şaha qaldı mat, Çağırıb danladı, etdi iltifat. Dedi: «Ey divanə, bu fürsət bir də, Əlinə düşərmi sənin ömürdə? Sonralar bu işdən olsan peşiman, Bir fayda gətirməz bu sənə, inan! Fürsəti itirməz ağıllılar bil, Qayıt xəzinəyə, gözlərini sil! Qiymətdə ən böyük bir cəvahir al, Gedib öz dərdinin əlacına qal»! Şaha təzim edib söylədi Həsən: «Bunlardan özgə şey istəmirəm mən. Baltayla kəsərəm ağacı əvvəl, Ki, odur gətirən başıma əngəl. Deyərəm and içsin nəslim Qurana, Ümid bağlamasın heç bir sultana. Nə arzu etmişdim, noldu nəhayət, Qoy onlar halımdan alsınlar ibrət. Kim razı qalmasa öz xoş halından, Varına qənaət etməyən insan, Tamahla, həsədlə yaşasa ancaq, Şadlığı dəyişib əzab olacaq». Ey Qüdsi, sən də gəl bundan ibrət al, Bu sonsuz arzunu bir hüduda sal. Gəl etmə bu mənsəb, cəlala nəzər, Kim çatdı arzuya sonuna qədər?! Belə tamahkarlıq nəyə gərəkdir? Səadət əlinə düşməyəcəkdir. Özünə nə lazım bu zülmü sitəm, Çox pay istəyənə, ruzi olar kəm. Qaç bu pozğunluqdan, canını qurtar, Yaşamaq şəklində ölümdür bunlar. Üzünə, məcazi olan bu dastan, Həqiqət qapısı açsın hər zaman. Həsən bir ruh idi, ağac da xislət, Qəribə bar verər üzə gülsə bəxt. Sonra bu bar sənə məğrurluq verər, Qəflət zindanına çəkib gətirər. Yoxsulu sınayan xəznəni atsan, Xislətin ağacı kəsilər asan. Qurana and içsən, dilşad olarsan, Qulluq həlqəsindən azad olarsan. * * * Sağlam ikən müalicə Deyirlər xəyala uyan bir adam, Xam ikən püxtəyəm deyərdi müdam. Düşündü: «Səbəbi nədir səhhətin?» Tapdı:--lüzumudur bu təbiətin. Hər bir xəstəliyin bir səbəbi var, İllətsiz xəstəlik olmaz aşikar. Altı şey vücuda çox lazımdır bil, Dörd şey də eləyir mərəzi təhlil. Bu şeylər birləşsə bir yerdə yəqin, Pozulmaz heç zaman halı səhhətin. Deməli, mərəzdən kim görsə bəla, Etmiş öz-özünü dərdə mübtəla. Ağıllı, xəstəlik hələ gəlməmiş, Çalışar vaxtında görülsün hər iş. Elə ki, hüdudu aşdı bir ixlat, Bədəndə törəyər xəstəlik, fəsad. Vücudun səhhəti pozulub gedər, Yüz illət bədəni sərnigun edər. Sağlamkən gərəkdir edəsən əlac, Ki, vücud olmasın dəvaya möhtac. Xülasə, bir mərəz tapdı nəhayət, Tapdı sonra ona neçə əlamət. Guya ki, mərəzin önünü aldı, Özünü gör necə bəlaya saldı: Əvvəlcə işlətmə içdi o dərhal, Boşaltdı qarnını o tamam, kamal, Yay idi, yanırdı aləm istidən, Əridi hərarət içində bədən. İşlətmə canına vəlvələ saldı, Sağlamkən canını naxoşluq aldı. Qorxduğu başına gəldiyi zaman, Az qaldı zavallı təslim edə can. Ey Qüdsi, az belə əfsanə oxu, Zamanə əhlinin avamdır çoxu. Xəyal aləmində qalıb sərgərdan, Cahilkən dəm vurur ağıl, şüurdan. «Kamaldan naqisdir hər kəs»,--deyəndə, Barı fəzilətdən dəm vurma sən də. * * * Səlamətliyin qədri Səbəbsiz həkimi vurdu bir hakim, Həkimsə eylədi şükrilə təzim. Soruşdum: «Təşəkkür yersiz olarmı?» Söylədi: «Bundan çox yaxşılıq varmı? Ki, bu güc, bu idrak sahibi əlan, Verə də bilərkən qətlimə fərman. Vurmaqla göstərdi mənə iltifat, Deməli o mənə bəxş etdi həyat». Döz Qüdsi, üz versə nə cürə zillət, Çünki var ondan da betər əziyyət. * * * Tədbirin gözəlliyi Əmr etdi nədimə sultan bir səhər, Ki, hazır eyləsin qalın bir dəftər, Ölkədə nə qədər dəli-axmaq var, Yazsın adlarını aydın, aşikar. Dəftər hazırlanıb verildi sabah, Lap başda görüncə öz adını şah. Dedi: «Ey yaramaz, ey hərzə insan, Nə üçün adımı bura yazmısan?» Dedi: «Bir şəxsə ki, mal-dövlət verdin, Uzaq bir ölkəyə onu göndərdin. Vətənsiz bir quldur o adam ancaq, Söz yoxdur, o bir də qayıtmayacaq. İndi o azaddır əlində dövlət, Kef çəkib yaşayır şad-xürrəm, rahət». Şah dedi: «Qayıdıb gəlsə o zaman, Yəqin ki, onda sən axmaq olarsan». Söylədi: «Eybi yox gələrsə həmən, Bir ad da yazaram bu dəftərə mən». Ey Qüdsi, ibrətlə bax bu gedişə, Ağılla şüru et sən də hər işə. Əqlə istinadın mənası çoxdur, Bəxt üz döndərsə də zərəri yoxdur. Nakam yaşasa da şüurlu insan, Yaxşıdır xoşbəxt bir nadan olmaqdan. * * * Yersiz minnət qoymaq Eşitdim: pul verib təbibə səhər-- Bir xəstə üstünə dəvət etdilər. Xəstənin qüvvəti getmişdi tamam. Hərarət içində yanırdı müdam. Qürurla soruşdu ondan kef, əhval, Xəstəyə verdi o bir neçə sual. Nəhayət, guya ki, o tapdı dərdi, Xəstədən qan almaq əmrini verdi. Yazığın qolundan alındıqda qan, Qanıyla bərabər axıb getdi can. Qorxuyla, təşvişlə olsa da, həkim, Deyirdi: «Nə yaxşı oldu tədbirim. Nə yaxşı qan aldıq, dincəldi bədən, Qurtardıq xəstəni bu ağır dərddən». Bizim əsrdə də belədir: əyan-- Döşünə döyərlər hər alanda can. Hər kəsin bir işi düşsə əlinə, Pozaraq o işi, öyünər yenə. Bu çür minnət qoyub, can almaq, həmən, Yaxşıdır yenə boş vədə verməkdən. Deyirlər: Bir kəsdən edəndə xahiş, Düzəltsin birinə bir əməl, bir iş. Əzəldən düzünü söylərdi o kəs: «Ki, ümid olmayın siz mənə əbəs, Elə bu sizə çox hörmətdir ki, mən, Avara qoymuram öz işinizdən». Ey Qüdsi, buraxma düzlüyü sən də, Hörmətsiz olarsan yalan deyəndə. * * * Kitabxana.az · https://kitabxana.az/collections/bakixanov-menzum-hekayetler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1847). Public domain (author died 1847). Original text only.