Müxəmməslər Abbasqulu ağa Bakıxanov (1794–1847) Bismillah Dila! Əzm eylə sən bülbül sifət gülzarə, bismillah, Müradın olsa meyl etmək fəğanü zarə, bismillah, Gər istərsən müdam olmaq cigər sədparə, bismillah, Qərəz fikrin tamaşadır əgər dildarə, bismillah, Nəzər qıl ləli-canbəxşi-rüxi-gülnarə, bismillah. Təmənnasında gün-gündən məni-dilxuni şeyda qıl, Gərəkməz namü namusum, qəmi-eşqilə rüsva qıl, Verib dünyavü din nəqdin, mətai vəslə sevda qıl, Əgər yox dəstrəs, sevdayə bari get tamaşa qıl, Gəlibdir Yusifi-gülpirəhən bazarə, bismillah. Çəkərdin arzu daim deyirdin şövqi-yar ilə, Ki, düşsün ittifaqi-vüslət ol siminuzar ilə, Edim canım ona təslim zövqü etibar ilə, Durubdur ol büti-sərməst tiği-abidar ilə. Sözün gər doğrudur ey aşiqi-biçarə, bismillah. Demişdin ey büti-tərsanigəh, bərhəmzəni-aləm, Ki, etməm aşiqimdən mən yaman gün iltifatim kəm, Alıbdır səbrimi dərdü bəla can qəsdin eylər həm, Əgər iqrarı sabitsən vəfa həngamidir bu dəm, Tərəhhüm qıl, qədəm bas dideyi-xunbarə, bismillah. Olubdur qərqi-xunabi-cigər çəşmi-tərin, Qüdsi, Yanıbdır daği-möhnətdən dili-qəmpərvərin, Qüdsi, Gətir təqrirə bir-bir yarə ərz et qəmlərin, Qüdsi, Əgər bu şivədən dilgir olarsa dilbərin, Qüdsi, Şüru eylə bir özgə vəchlə izharə, bismillah. * * * Dönübdür Qəm çəkmə, könül, gər ciyərin qanə dönübdür, Əyyami-vüsalın şəbi-hicranə dönübdür. Bülbül tək işin naləvü əfqanə dönübdür, Tiflisə nəzər qıl ki, gülüstanə dönübdür. Hər bir gözəli afətü cananə dönübdür. İrs ilə yetib bunlara asari-vəcahət, Geysuləri sünbül tək alıb tabü təravət Qamətləri dünyaya salıb türfə qiyamət, Hər dilbərə bir növ verib rəngi-nəzakət, Kür suyu məgər çeşmeyi-heyvanə dönübdür? Hər şuxi-pəripeykər açıb türreyi-tərrar, Dildadələri etmək üçün damə giriftar. Səyyadi-sitəmgər bu güzərgahda çox var, Ahubeçələr tək doludur kuçəvü bazar, Çin mülkimə bu mənzili-viranə dönübdür. Hər kim gələ Tiflisə tamaşa tələbindən, Zülfi-ruxi-məhvəşləri görmək səbəbindən, Görməz əsəri-rahəti-can ruzü şəbindən, Xoşləhcə pərizadələrin ləli-ləbindən, Bu kişvəri-pürşur Bədəxşanə dönübdür. Bunlarda bu yarəb, nə səfadır fərəhəngiz, Hər sərvqədin şiveyi-rüxsan bəlaxiz, Rüxsari-niku, türreyi-mişkini dilaviz, Hər əbruyi-xəm şəkildə bir xəncəri-xunriz, Qan tökmək üçün hər müjə peykanə dönübdür. Hərçənd bu gülzardə çox dilbəri gördüm, Can qəsdim edən şuxi-sitəmküstəri gördüm, Arizləri mehtaba bərabərləri gördüm, Əvvəl yetişən gündə ki, İskəndəri gördüm, Aya bu mələkdir, dedim, insanə dönübdür. Qüdsi ki, dəmi-qüdsi vurub lafi-təvəüa, Tən eylər idi görsə birin valehü-şeyda, Tərk eyləmiş islamı görüb bunları hala, İstər ola çarubkeşi-səhni-kəlisa, Zünnar salıb boynuna, Sənana dönübdür. * * * Özgələrə Ah gör kim genə yar oldu nigar özgələrə, Qoşulubdur yüzü gülbərgi-bahar özgələrə, Göstərir şəmi ruxi leylü nahar özgələrə, Yəni bizdən usanıb ülfəti var özgələrə, Tərk edib aşiqini oldu düçar özgələrə. Həmdəmim qeyr olub, ləli-ləbim, mahvəşim, Xətti-xali-xütənim, çeşmi-siyahi-həbəşim, Dilbərim, simibərim, işvəgərim, laləvəşim. Dövrü dönmüş fələkə bax ki, mənim badəkəşim. Saqiyi-məclis olub, cam tutar özgələrə. Mənə həm yar idi, həm munisü həm dilbər idi, Mən ona çakər idim, həm o mənə sərvər idi, Nə mənə bəlkə tamam aləmə taci-sər idi, Nəqdi-canimi alıb çox mənə naz eylər idi, İndi gör müftə verir busü kənar özgələrə. Səngdil rəhm elə ki, könlüm olub şişə mənim, Salmısan şamü səhər başımı təşvişə mənim, Dövrü dönmüş fələk, et halımı əndişə mənim, Bilmədin qədrimi ey şuxi-cəfapişə mənim, Axırı üzü dönük oldu düçar özgələrə. Həzər et, sərzənişi-xəlqdən ey bisərü pa, Gəzmə əğyar ilə sən bəsdir usan, eylə həya, Qüdsiya, sən biləsən yoxdu gözəllərdə vəfa, Lənət olsun buların zatına hər şamü səba, Ki, mənim sirr sözümü eylədi car özgələrə. * * * Tiflis Qəm çəkmə, könül, gər ciyərin qanə dönübdür Əyyami-vüsalın şəbi-hicranə dönübdür. Bülbül tək işin naləvü əfqanə dönübdür, Tiflisə nəzər qıl ki, gülüstanə dönübdür, Hər bir gözəli afətü cananə dönübdür. İrs ilə yetib bunlara asari-vəcahət, Geysuləri sünbül tək alıb tabü təravət, Qamətləri dünyaya salıb türfə qiyamət, Hər dilbərə bir növ verib rəngi-nəzakət, Kür suyu məgər çeşmeyi-heyvanə dönübdür!? Hər şuxi-pəripeykər açıb türreyi-tərrər, Dildadələri etmək üçün damə giriftar. Səy yadi sitəmgər bu guzərgahdə çox var, Ahubeçələr tək doludur kuçəvü bazar, Çin mülkünə bu mənzili-viranə dönübdür. Hər kim gələ Tiflisə tamaşa tələbindən, Zülfi-ruxi-məhvəşləri görmək səbəbindən, Görməz əsəri rahəti-can ruzi şəbindən, Xoşləhcə pərizadələrin ləli-ləbindən, Bu kişvəri-pürşür bədəxşanə dönübdür. Bunlarda bu yarəb, nə səfadir fərəhəngiz, Hər sərvqədin şivəyi-rüxsarı bəlaxiz, Rüxsari-niku, türrəyi-mişkini dilaviz, Hər əbruyi-xəm şəkldə bir xəncəri-xunriz, Qan tökmək üçün hər müjə peykanə dönübdür. Hərçənd bu gülzardə çox dilbəri gördüm, Can qəsdim edən şuxi-sitəmküstəri gördüm, Arizləri mehtaba bərabərləri gördüm, Əvvəl yetişən gündə ki, İskəndəri gördüm, Aya bu mələkdir, dedim, insanə dönübdür. Qüdsi ki, dəmi-qüds vurub lafi-təvəlla, Tən eylər idi görsə birin valehü şeyda, Tərk eyləmiş islamı görüb bunları hala, İstər ola carubkeşi-səhni-kəlisa, Zünnar salıb boynuna Sənana dönübdür. * * * Yəqin Gül belə rəxşan ola bilməz yəqin, Ay belə xəndan ola bilməz yəqin, Sən kimi ceyran ola bilməz yəqin, İşvəli canan ola bilməz yəqin, Can alan insan ola bilməz yəqin, Qaşlarını eylədi xaliq kaman, Ox elədi kirpiyini canalan, Qəmzələri səndə yaratdı nihan, Eşqə düşər xilqətinə hər baxan Vəsləsə imkan ola bilməz yəqin. Səndən uzaq ey məhi-ərşi-cəlal, Gündüzüm olmuş gecə, mahimsə sal, Qoymadı rahət məni bir an məlal, Dərdimə dərman yaranıbdır vüsal, Ayrıca dərman ola bilməz yəqin. Dilsizə bax gör nə edir müddəa, Hər sözü guya yetirirmiş səba. Uydurur hər kəs belə bir macəra, Sənsiz olarmı yaşamaq bir daha, Cism ki, bican ola bilməz yəqin, Eşqə sənin meylin olarsa əgər, Yanmalıdır səndə əzəl balu pər. Sonra oda düşməlidir can, ciyər, Bir belə odla yananın müxtəsər, Tüstüsü pünhan ola bilməz yəqin. Məclisi aç, ilk sözü ver dilbərə, Odla dolu bir suyu tök sağərə, Vəlvələ sal məmləkəti-xavərə, Örtü əgər salsan o xoş peykərə, Mehri-dirəxşan ola bilməz yəqin. Qüdsi, daha bəndə düşüb müşkülüm, Qüdsi, töküldü yerə tel sünbülüm. Qüdsi, xəzan gördü deyən bülbülüm, Qüdsi, daha yoxsa açan bir gülüm, Eşqi-gülüstan ola bilməz yəqin. * * * Kitabxana.az · https://kitabxana.az/collections/bakixanov-muxemmesler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1847). Public domain (author died 1847). Original text only.