Poemalar Abbasqulu ağa Bakıxanov (1794–1847) Xəyalın uçuşu Çox gəzmişəm mən səyahət edərək, Rusiyyədən--Lehistana gedərək, Bir neçə ay Varşavada qalmışam, Hər cür eyşi-işrətdən kam almışam. Çox adamla tanış oldum: mötəbər-- Həvəs əhli, hər bir işdən baxəbər-- Şəxslərlə məclislərdə oturdum, Hər mədəni cəmiyyətə baş vurdum. Bu diyarın Saları çox tədbirli, Şahın yaxın naibi bir əmirdi. Paskeviç! Bu adda böyük şöhrət var Öz adıyla məşhur olmuş bu salar. O hər gecə şən məclislər qurardı, Bu məclisdə hər kəsə bir əş vardı. Görünürdü hər gözəl bir xoş rənglə, Cilvələnib dururdu min bəzəklə. Ruh verirdi o gülşənin hər gülü, Hər bir gülün yanında öz bülbülü. Hər dilbər bir odlu baxış, bir nazla, Aşiqini arayardı niyazla. Ram olub hər, vəhşi ahu! Aşkar-- İstəyir bir ovçunu etsin şikar. Yer etdikcə camal gözdə, könüldə, Haldan hala düşürdü bu könül də. Ürək çalmaq sevgidə bir adətdir, Məhəbbətdən söhbət başqa söhbətdir... Bu şəhərin bağı cənnət bağıdır, Hər görüşdə dərdi, qəmi dağıdır. Hər gözəllik bu şəhərdə olmuş cəm, Bu yerlərin təsvirində acizəm. Tərif etmək mümkün deyil söz ilə, Görmək lazım bu şəhəri göz ilə. Mən bir gecə xəstələndim qəflətən, Evdə qalıb, uzaq düşdüm məclisdən. Xəyal olcaq həmdəmim öz başımda, Sakit oldu hər bir işdən başım da. Nə aləmdir, bəh, bu xəyal aləmi! Nə gözəldir xəyalın bu xoş dəmi! Dedim xoflu, xəyalıma:--«Gəl dinlə, Bu gecəni keçirim qoy səninlə». Dedi:--«Kimdir məndən yaxşı sənə yar? Sənsə mənə etməyirsən etibar». Dedim:--«Necə mən səninlə dost olum?» Dedi:--«Budur haqqa gedən düz yolum: Badəmi iç, məst ol getsin dərdü-qəm Önündə şam yandır, ələ al qələm. Açıq deyim hər fikrimi, qulaq as! Bil ki, vardır hər şadlığa bir əsas. Əvvəl deyim sənə uca evlərdən, Düzdür onlar düzəlmiş ağ mərmərdən. Tikilir çox zəhmətlə hər imarət, Bilinməz o kimə çatar nəhayət. Gəl məclisdən, bu sərvətdən danışaq, Bəzək, çalğı, səadətdən danışaq. Xoşdur məclis, nəğmə, şadlıq, hər zaman, Bunlar qoymaz ürək olsun pərişan. Lakin olsa məclisçilik bir adət, Boşdur ona çəkilən hər məşəqqət. Bu nazənin pəri üzlü hər nigar, Şirin dilli, xoş söhbətli, nazlı yar. İşə salıb min bir kələk, hiyləni, Məhv edərlər onlara meyl edəni. Canan deyil, cana dərddir hər afət, Onlarda yox mehribanlıq, səadət. Bunca bəzək, zinət deyil nöqsansız, Hər kəs onu daşımadı həycansız. Hər nə qədər kamil olsa kəsri var, Lap yaxşını pis söyləyər düşmanlar... Xoş geyinmiş, xoş bəzənmiş, xoş gülən, Dostlar gördüm dildə tez-tez «can» deyən. Üzdə sanki səadət var qanında, Fikri isə öz xeyrinin yanında. Üzdə deyir:--«Dostam sənə ürəkdən», Həqiqətdə olur sənə o düşmən. Yüz hiyləyə əl atıb bir ovçu tək, Tora salır səni, qafil edərək. İndi özün insaf ilə yaxşı bax, Yaxşıdırmı belə qafil yaşamaq? Bu da haman eyş-işrətdir, ey filan, Şüurunu alıb etdi sərgərdan». Mən eşitcək bu kəlamı çəkdim ah, Dedim:--«Necə gör həyatım keçdi, ah! Məni yurddan ayrı saldı bu səfər, Dostlarımdan qaldım necə bixəbər! Mən Firəngə bir səyahət eyləyim, Elmü-fəndən kəsbi-ləzzət eyləyim,-- Deyə, düşdüm boş xəyala mən aman, Dəmir zərlə örtülübmüş nə yaman!» Bu fikirim coşdurdu çox xəyalı, Çox tünd oldu, dəyişildi əhvalı. Söylədi:--«Ey sözü, işi boş nadan, Dərdə düşüb dərmanını tapmayan. Hər ifratdan mən, etmişəm səni mən, Aşdın niyə hüdudunu belə sən? Haqqı tanı ona eylə rəayət, Bu səfərdən gəl heç etmə şikayət. Səfər sənə tanıdar bu dünyanı, Öyrədər o sənə elmi, ürfanı. Yadındamı Rum elində, İranda, Bir düşgünlük görmüşdün hər insanda. Xəbərsizdi, onlar bütün aləmdən, Yabançıydı onlara hər elmü fən. Düşünürdü tək özünü hər biri, Olmuşdu öz tamahının əsiri. Fəxr edirdi hər kəs varla, nəsəblə, İşi yoxdu təhsil ilə, ədəblə. Bir məqsəddi dövlət yığmaq hər kəsə, O dövləti sərf etsin boş həvəsə. Axtarıb bir mənsəb tapsın özünə, Zorla xalqı tabe etsin sözünə. Dəm vuraraq onlar həsəb-nəsəbdən, Kənardılar hər bir hünər, ədəbdən. Yadındamı o zaman bu söhbətlər, Ürəyinə salırdı min qəm, kədər. Buna görə sən eylədin səyahət, Bəlkə bir az qəlbin ola fərağət. Darıxdı bəs burda niyə ürəyin? Başqa,bir yer olmuş indi diləyin. Pərişanlıq qoymaz sən kam alasan, Bir yerdə sən durub rahət qalasan. Artıq sənin ömrün keçmiş hədərə, Çox dolandın bu aləmdə dağ, dərə. Hər tayfayla elədin sən çox söhbət, Aldığın nə oldu bundan nəhayət? Qəflət içrə uyumuşdur kamalın, Ayılmadın bax indi də. Xəyalım-- Çox mənalar mənə izhar eylədi, Yatmış idim sanki bidar eylədi. Dedim:--«Sən ey mayasızlar mayası, Müflislərin sənsən dərdə davası. Sayəndə çox dərdə əlac tapılar, Təxtü tacsız şaha dönər gədalar. Mənsəbindən məst olanı sən haman, Ayıldırsan mənasız, boş xülyadan. Kim özünü yüksək bilsə hər kəsdən, Öz həddini qandırarsan ona sən. Bir yol göstər mənə, oldum biçarə, Bu dünyada istəksiz bir avarə. Söylə nə cür mən də çatım murada, Nə iş ilə məşğul olum dünyada? Nə etməli ki, asudə olum mən, İslam ilə Firəng çəkişməsindən. Söylə varmı bu dünyada bir məkan, Ki orada ürək olsun kamran? Burda xəyal ayrıca bir surətlə, Məni haldan hala saldı sürətlə. Tam unutdum varlığımı mən bu dəm, Bilmədim ki, haradayam, mən kiməm? Çox qəribə hala düşdüm, nagahan-- Gözlərimdə cilvələndi bir məkan. Bəh, nə gülşən, bəh, nə əlvan mənzərə! Bir yar kimi bəzənmişdi dağ, dərə. Şırıltıyla axar hər yan çeşmələr, Sularda gül, göz yaşı tək əks edər. Əlvan paltar geymiş necə bu diyar, Səf-səf durub bax meyvəli ağaclar. İki yandan çay axmada sürətlə. Ad qazanmış bu yer böyük nemətlə. Yüksək bir dağ qarşısında gur dəniz, Hər ikisi ləzzət verir şübhəsiz. Dağ başında qar ağarır hər zaman, Qülləsində soyuq hava biaman. Qarşısında günəş belə baş əyir, Sayəsində bir aləmə vermiş yer. Qara rəngli dənizmi bu yer haman, Ya da yerdə vardır başqa asiman. Orda gəzən gəmidə var çox cəlal, Sanki göydə gəzir aydın bir hilal. Gur çayların arasında aşikar, Çox səfalı yerdə gözəl bir kənd var. Bağı, cənnət bağının bir kənarı, Göz yaşıtək duru axır suları. Bülbülləri cəh-cəh vurur biqərar, Havasında bu yerin gül ətri var. Evləri, bax yaşıllığa bürünür, Sanki göydə nurlu ulduz görünür. Hər tərəfi yaşıl, sarı rəngli kərd, Birləşmişdir sanki qızıl, lacivərd. Çöldə sürü gəzdirir, bax hər çoban, Neylərində bir səda var ruhaçan. İşsiz qalmaz nə ki qadın, kişi var, Bu yerdə bax hər kəsin öz işi var. Burada kin, həsəd bilməz bir insan, Qardaş kimi bir-birinə mehriban. Ayrıca bir ev gördüm arx başında, Bir doğmalıq var idi hər daşında. Çox da gözəl deyildisə imarət, Saraydan çox onda vardı şərafət. Ətrafında güllər açmış gülşəndi, Bu evin hər mənzərəsi çox şəndi. Həyətində hovuz, önü xiyaban, Bir tərəfdə bağı vardı, al-əlvan. Gördüm ki, çox cəlallıdır bu bina, Dedim burda gərək olsun kətxuda. Sonra tanış olmaq üçün əhvalla, Mən bu evə daxil oldum xəyalla. Ev sahibi evdə idi, sübh ikən, Yatağında yatmış idi xeyli şən. Yatağında öz qadını şadiman, Bir bədəndə biri ruhdu, biri, can. Sonra qəhvə içirdilər kədərsiz, Ömürləri keçirdi xoş, xətərsiz, Söhbət edib gülürdülər anbaan, Hər sözləri xoşdu, gözəl, mehriban. O bir sadə paltar geyib tez durdu, Gəlib başqa bir otaqda oturdu. Bu otaqda xeyli kitab var idi, Hər suala orda cavab var idi. İslamın və Firəngin hər əxbarı, Sülhün, həm də davanın hər əsrarı. Zahirdə bir guşənişin görünər, Lakin verər Hind, Rum, Çindən o xəbər. Gah oxurdu kitabları xoş səslə, Gah da əsər yazardı min həvəslə. Neçə saat belə məşğul olaraq, Sonra etdi başqa işə o maraq. Gəlib tapdı onu neçə həmdəmi, Söhbətinin vardı başqa aləmi, Kətxudaya, xəlqə o xoş niyyətlə, Çox xeyirli sözlər dedi hörmətlə, Qoydu işi öz yoluna əlbəəl, Hər kəsə o verdi dəsturul-əməl Bir az sonra məhsulundan alaraq, Məclis qurdu, süfrə açdı bir sayaq, Ki, üstündə görünmədi heç nöqsan, Neçə nəfər yeyib doydu firavan, O yeməkdən sonra neçə saət də, İstirahət eylədi bir xəlvətdə, Axşam üstü çıxdı o bağ seyrinə, Dincəlməkçin, yüngül ayaq seyrinə, Nəzər saldı güllərin xoş üzünə, Qüvvət gəldi beyninə və gözünə. Bağbanına göstərişlər verərək, Dedi: «Gəl bu ağacı sən belə ək», Sonra o gah süvari, gah piyada, Məşğul oldu şikarla xoş havada. Gecə oldu, qayıdaraq evinə, Dağdan enib, evə çatdı o yenə. Arvadıyla söhbət etdi könül şad, Həyatından razı qaldı, şən, azad. Onun gözəl həyatını görəndə, Pərişanlıq saldı məni kəməndə. Sual etdim xəyalımdan haman vaxt, «Kimdir azad ömür sürən bu xoşbəxt?» Müyəssərdir ona bütün diləyi, Canı sağlam, kədərsizdir ürəyi. Paxıllığım tutdu, necə tək adam, Toplamış din, dünya zövqün belə tam. Mənsə oldum kami-dilçin dərbədər, Gəzməkdəyəm bu dünyanı sərbəsər. Mən fələyə deməyimmi biaman, Mən nakamam, osa belə kamiran. Xəyal gülüb dedi: «Anla, ey qafil! Paxıllığın özünədir, yaxşı bil! Qeyrət etmə cəhalətlə sən buna, İp bağlamış nəfsin bil öz boynuna. Pislik edən pislik görər, bu bişək, Buna nə xalq müqəssirdir, nə fələk. Cəsarətlə bu qorxunu gəl burax, Gözünü aç, bir özünə yaxşı bax. Bu gözəl kənd, bu bina, bu nazlı yar, Səninkidir,cəhaləti et kənar. Bu ki, sənsən, bu da sənin həyatın, Bunlar sənin öz halın, öz büsatın. Bir bax, hər şey burda hazır, sən uzaq, Sənin könlün öz nəfsinə uyaraq, Səadəti verib burda əlindən, Axtarırsan, uzaqlarda onu sən. Bir əhd etdim xəyalımla bu axşam, Bu səfərdən əgər mən sağ qayıtsam, O guşədə sakit qərar tutaraq, Yaşayaram qovğalardan mən uzaq. Qalan ömrü keçirərəm firavan, Şükr edərəm allahıma hər zaman. Qüdsi, xoşdur Əmsar adlı məskənin, Şəhərlərdən çox üstündür öz kəndin. * * * Firəng məclisi Ziyafətdə bir gecə oturmuşdu bir cavan, Eşqin məngənəsində gördüm onu xəstəcan. Sakit qalıb dinmirdi, danışıqdan qaçırdı, Lakin onun sirrini göz yaşları açırdı. Dedim ki, ey zavallı, nədir səndə bu əhval, Yatmışsanmı, ya səni aparmışdır bir xəyal? Dedi: «Görmürsənmi ki, ap-ayıqdır gözlərim, Sanki girdaba düşmüş bir qayıqdır gözlərim. Belə vəziyyətdə heç xəyala dalmaq olar? Unutmuşam özümü, qalmamışdır ixtiyar». Eşitdikdə bu sözü əhvalına yandım mən, Ürəyimin atəşi alovlandı təzədən. Düşdü mənim yadıma gənclik günləri haman, Ki, bir yarın zülfünə bənd olmuşdum o zaman. Vermiş idim könlümü bir insafsız dilbərə, Unutmuşdum dünyanı, cəmiyyəti bir kərə. Baxdım yazıq cavana mən də yazıq baxışla, Şəkiltək səssiz qaldıq, sonra dedim: «Bağışla! Toxundumsa qəlbinə qəbul et üzrümü gəl, Barı, ürək dərdini mənə söylə müfəssəl. Axı mən də sənin tək aşiq idim bir zaman, Dərd əhliyəm, çəkinmə, macəranı et bəyan. Sənə kömək eyləmək gəlməsə də əlimdən, Heç olmasa qəminə bir şərik olaram mən». Dedi: «Əsla etmərəm öz sirrimi aşikar, Heç kim mənim dərdimdən olmamalı xəbərdar, Sirri gizli tutmağı tələb edir məhəbbət, Ticarətdə xoş olar çənə-boğaz, söz-söhbət. Sevgilimi hər kəsə necə tərif edim mən? Rəqibimdir bəlkə də sözlərimi dinləyən». Sonra dözməyib dedi: «Yoxdur onun nəziri, Kim o yarı görərsə dərhal olar əsiri. Dil biləndir, gözəldir, mələk kimi canandır, Şux gözləri süzərkən işvəsi can alandır». Dedim: «Mənə söyləmə lətafəti necədir, De insafı, əxlaqı, ləyaqəti necədir». Dedi: «Üzü kimidir davranışı, ədası, Heyran qoyur insanı onun gözəl sədası. Əgər nöqsan varsa da yarımda aydın, açıq, Mən ki, görə bilmirəm o nöqsanı azacıq». İnsafını soruşdum, dedi: «Onu, bilmirəm, Xasiyyəti mənə də qalmışdır hələ mübhəm. Mənə nə lütf edibdir, nə göstəribdir cəfa, Mənə nə vədə vermiş, nə vədə etmiş vəfa. Nədən bilim o gözəl zalımdır, ya mehriban, Hələ yaxın görüşə olmamışdır bir imkan. Ürəyindən bu qədər xəbərim var, o dilbər, Məni görən zamanda üzümə salmaz nəzər. Neçə gün bundan qabaq qonaqdım bir evdə mən Yığılmışdı oraya bir çox sevən, sevilən. Hər eşqbaz dolanır bir güləndam başına, Necə ki, pərvanələr dolanar şam başına. Hamısı rəqs edərək oxuyub şadlanardı, Bəd nəzərdən iraq, bu məclisdə şənlik vardı, Biri açıb eşqini edirdi bir-bir bəyan, Gizli işvə edərək nazlanırdı o canan. Hər cür söhbət gedirdi eşqin hərarətindən, Ən çox xumar göz ilə, zülfün lətafətindən. Mən ki, eşqə nabələd, xam bir yeniyetməyəm? Deyirdim bəs nə üçün mən arzuma yetməyəm? Gözlərinə bir qızın deyirdim ruh çalandır, Yox, yox onun saçları daha çox can alandır. Bəh-bəh, bunun yanağı qızıl gül tək necə al, Xoşdur deyən o birin dodağında qara xal. Qəlbim hərdən cürbəcür fikirlərə dalırdı, Hər an halım dolanır, başqa bir rəng alırdı. Özüm də heç bilmirdim baxım hansı afətə, Bağlıyım öz qəlbimi hansı pəri sürətə. Bu arada gözləri xumarlanmış bir gözəl, Kirpiyilə oxladı ürəyimi əlbəəl. İldırım tək nəzəri çaxdı üzərimə düz, Varlığımı yandırdı o atəşsiz, tüstüsüz. O dünya gözəlləri, canlar alan cananlar, Ürəkləri ovlayan xumar gözlü ceyranlar. Cümlə bir an içində silindi gözlərimdən, Necə ulduz yox olar günəş tulu edərkən, Elə sərxoş eylədi bu badənin buxarı, Fərq etmədi mənə nə aşağı, nə yuxarı. Mən məclisi unutdum, tam itirdim özümü, Bircə onun üzünə zilləmişdim gözümü. Yenə dəqiq baxmaqla görmədim o camalı, Tək, başına gələnlər başa düşər bu halı. Kim günəşə baxarsa gözləri tez qamaşar, Onu yaxşı görmədən bəbəkləri oynaşar. Bir də gördüm o dilbər qəzəbləndi nagahan, Camalını bir hiddət buludu aldı haman. Qızışdı ol nazənin, dəyişdi gül siması, Sanki atəş üstündə göründü su damlası, Lalə kim qızardı camalı öz-özünə, Jalə kim düzüldü tər damlası üzünə. Bu hiddəti görüncə o gözəl simada mən, Heyranlıq yuxusundan ayıldım sanki birdən. Sezdim ki, baxır bizə kənardan bir bədnəzər, Buna görə sən demə hiddətlənmiş o dilbər. Sonra, heç olsun deyə rəqiblərin töhməti, O bir hiylə işlədib pozdu bu vəziyyəti. Arvad min hiylə qurar qısa zaman içində, Hər nə könlü istəsə çatar bir an içində Arvad dediyin məxluq hər bir işə qadirdir, Ürəkləri çalmağa xüsusilə mahirdir. Arvad mövcud olduqca eşqbazlıq qalacaq, Aşiqini hər zaman dərdə, qəmə salacaq. Xülasə... hiddətlənib canan qalxdı yerindən, Bir ayna qarşısında gedib oturdu həmən. Təsadüfən tuş idi aynaya mənim üzüm, Camalını orda da buraxmayırdı gözüm. Bəh-bəh, necə deyim ki, gülərək yavaş-yavaş, Necə burdu saçını, göz vurdu, oynatdı qaş, Sonra nazü qəmzəylə o can alan nazənin, Musiqilə bir nəğmə başladı həzin-həzin. Pəsdən elə oxudu ruh uçdu təsirilə, Gözlə qulaq girdilər bəhsə biri-birilə, Sonra rəqsə başladı qonaqlığa gələnlər, Başqa bəla üz verdi qəlbimizə müxtəsər. Hərə bir nazəninlə, mən də o xoş nəfəslə, Hərləndik ortalıqda min bir şövqü həvəslə, Fürsəti fövt etmədim, zəiflərkən rəftarı, Möhkəm qucub belini çəkdim özümə sarı. Ovcumdakı əlini yavaş-yavaş sıxaraq, Baxdım onun gözünə məftun aşiqlər sayaq, Nəzərimə düşəndə o dilbərin nəzəri, Göründü al üzündə eşqü sevda əsəri. Asta-asta girişdik pıçıltıyla söhbətə, Yavaş-yavaş yetirdik söhbəti məhəbbətə, Əl çatmadı mətləbə, gecə keçib gec oldu, Arzuları qəlbimin açılmadan tez soldu. Şərh olmadı istəyim, lənət dedim baisə, Bu söhbətin mabədi qaldı başqa məclisə, O getdi, mən qayıtdım evə suyu süzülmüş, Gözü yaşlı, qəlbi qan, dodaqları büzülmüş. Çəkilmədi gözümdən bütün gecə xəyalı, Məni heyran qoymuşdu onun günəş camalı. Oyaqlıqda, yuxuda o idi tək amalım, Ancaq onun haqqında düşünürdü xəyalım, Səhər durub hər yeri dolandım neçə saət, O cananın evindən xəbər tutdum nəhayət. Ancaq indi öyrəndim nədir onda nişanə, Onu görmək qəsdilə axtardım bir bəhanə. Öyrəndim ki, özündən çox qoca bir əri var, Zəncir olub, zülfü tək gərdəninə dolanar. Bir məsəl var deyirlər hər işdə var bir müşkül Xəznə olmaz ilansız, tikansız da qızılgül. Bu yolda mən çalışdım qurum incə bir hiylə, Axtardım çıxış yolu mətləb üçün vəsilə. Bir az sonra yetişdi bayram--istədiyim gün Şəhər əhli toplaşıb çölə çıxdı büsbütün. Hərə bir nazəninlə vermiş idi baş-başa, Həqiqətdə əcəbdi bu misilsiz tamaşa. Mən də bu vurhavurda deyirdim kaş o afət, Gəlib yazıq aşiqə verəydi bir səadət. Görünmürdu gözümə nə bayram, nə izdiham, Dörd gözlə dolanırdım, tutmurdu qəlbim aram. Gördüm çətirlə durmuş bir guşədə nagahan, Ay üzlü o nazənin, şirin dilli o canan. Ürəyim əmr edirdi, get yaxınlaş, qorxma sən, Lakin qorxum çox idi, vüsalına ümiddən. —Bəlkə biri çıxaraq saldı qovğa, cədəli, Dedi kimsən, haradan tanırsan bu gözəli? Huşyar olmaq gərəkdir hər əməldə, hər işdə, Götür-qoy zərər verməz hər hünərli gedişdə. Lakin eşq olan yerdə ağıl olar əfsanə, Ağıllıya deyərlər onda dəli, divanə. Cumdum onun yanına heç bir şey düşünmədən, Salam verib dil tökdüm, söz açdım həvəslə mən, Yadındamı, soruşdum o məclisdə, o zaman, Ki, yamanca rəqs etdi filan qız, filan oğlan. Yadındamı oxudu xoş səs ilə bir nəfər, Otaq yaman dar idi, adam çoxdu... müxtəsər, Bu sözləri aramsız yağdırırdım ki, birdən, Qonşu evdən ər çıxdı, sanki girdim yerə mən, Dedi: filan evə biz indi qonaq gedirik, Tələs, yubanma, tez ol, yamanca gecikirik. Baxa-baxa gözlərim, verdi onlar qol-qola, Şadlığımı puç edib tezcə düşdülər yola. Yazıq ağlım yenə də oldu yerində çaşbaş, Ürəyimdən od çıxdı, gözlərimdən axdı yaş. Bir az keçdi, heyranlıq dəmindən oldum aram, Birdən düşdü yadıma, o evlə mən də dostam. Oraya mən də gedib bir küncdə əyləşərəm, Bəlkə yenə o yarı görüb him-cimləşərəm. Gedib, bəh-bəh, nə gördüm, qurulmuş xoş ziyafət, Orada qadın, kişi toplanıb var qiyamət. Qulaqları kar edir ərğənun və saz səsi, Hər kəsin bir şüğli, var, hər kəsin bir peşəsi. Bir neçəsi rəqs edir aralıqda şadiman, Başqaları həvəslə varaq çəkir durmadan. Başqası bir cananı çəkibdir bir xəlvətə, Hər şeyi unudaraq qızışmışdır söhbətə. Ev sahibi görüncə məni gülüb oldu şad, Razılıqlar eyləyib, göstərdi çox iltifat. Sonra ondan ayrılıb yarı gəzdim biqərar, Gördüm ki, tək oturub bir guşədə o nigar. Anladım ki, dalğındır, pərtdir o nazikbədən, Ehtiyatlı addımla yaxınlaşdım ona mən. Əri bir az kənarda qızışmışdı qumara, Əhəmiyyət vermirdi o gözləri xumara. Gəlib durdum onunla qarşı-qarşı, üz-üzə, Yalvarışlı səsimlə belə başladım sözə: «Ah, bu gecə nə gözəl, nə şadiman gecədir, Gündüzdən də işıqlı bir kamiran gecədir. Nə xoşbəxtəm bu gecə ki, önündə dururam, Sənin şirin sözünlə dərdimi unuduram». Dedi: «Mən də çox şadam, çox məmnunam ki, bu dəm, Sənin kimi bir cənab, olmuşdur mənə həmdəm». Bu cür yenə qızışdı aralıqda xoş söhbət, Ehtiyatı unutdum qızışdıqda məhəbbət. Dedim: «Axşamçağı mən bir məclisdə darıxdım, Ancaq sənin eşqinlə buraya gəlib çıxdım. Oradakı cananlar bir-birindən gözəldi, Ki, hər biri dünyaya sanki bir bəla gəldi. O pərilər içindən çıxıb gəldim bura mən, Bəlkə yenə pay alım can bəxş edən ətrindən. Ta oturum səninlə bir anlıq, ey məhliqa, Bəlkə mənim dərdimə sən verəsən bir dəva». Yumşaldı o dilbər, dedi: «Cana minnət var, Kaş ki, belə məhəbbət daim olsun payidar. Kaş ki, aşiq eşqinə göstərəydi sədaqət, Ürəyi qızdıraydı həmişə bu məhəbbət». Mövqeyi xoş görüncə söhbət açdım ərindən, Evindən xəbər aldım ki, öyrənim dərindən. İstədim bəlkə məni dəvət etsin evinə, Tənha bir gün mənimlə xəlvət getsin evinə. Mənə könül verirdi, bic-bic gülürdü amma, Təklifsiz danışırdı hər sözündə müəmma. Artdı qəmim, kədərim, söndü ümidim yenə, Elə bil asimandan düşdüm yerin dibinə. Qəlbimə hücum etdi yenə min dərd, min sual, Hər sual min xəyaldı, hər xəyal min ehtimal, Düşdüm bu eşqə, söylə, bu dərdə nə əlac var? Nədir bu afətdə bəs belə qəribə hallar? Gah qıyqacı baxmaqla alır mənim canımı, Gah etinasız qalıb tökür ürək qanımı. Gah öz şirin sözüylə ümid verir, şad edir, Gah ülfətdən çəkilib ümidi bərbad edir, Əgər məni sevirsə, evə çağırmır nədən, Görmürmü sevdasında məhv oluram belə mən? Zahirdə söhbətilə vədə edir səadət, Sonra da üz çevirir, gözəldə bu nə adət? Gah deyirdim: «Səbr elə, məna var hər nəzərdə, Bica deyil bu işvə, bu dərmandır hər dərdə. Səbəbsiz olmaz onun etdiyi hər bir əməl, Belə şikayətləri öz bəxtindən etmə gəl! Evə dəvət etməyir, axı onun əri var, Bəlkə qorxur ərindən bu sevimli gülüzar?!» Əqlim mənim hissimə verirdi min nəsihət, Dedim özüm özümə: «bəsdir belə şikayət». Rəqsə dəvət eylədim cəsarətlə nagahan, Qəbul edib önümdə hazır dayandı canan. Yenə tutub belindən, sıxdım özümə sarı, Dolandırdım həvəslə otaqda o nigarı. Zənni çaşdırmaq üçün sonra da mən bir qədər, Oynadım başqasıyla ki, çəkilsin bədnəzər. Gecə yarı olanda məclis dağıldı birdən, Hərəmiz bir tərəfə yola düşdük o yerdən. Bu gecədən sonra mən tapmadım daha fürsət, Ki, onunla yenə də görüşüb edim söhbət. Çox zaman dolandım ki, ona tanış evlərdə, Bəlkə təsadüf edim, yarla görüşüm bir də. Küçələri dolandım, gəzdim bir-bir evləri, Kölgə kimi ardına düşüb oldum sərsəri. Qaldım işdən avara, dolandım divanə tək, Daim boşa gedirdi sərf etdiyim hər əmək. Axır bir gün eşitdim xəstədir o məhliqa, Məclislərə gəlməyə imkanı yoxdur daha. Belə dəhşətli xəbər çatınca sevgilimdən, Səssiz yanan şam kimi şölə qalxdı dilimdən. Ah çəkdim, nalə etdim oda düşdü şirin can, Lalə kimi qəlbimə dağ basıldı, ah, aman, Belə oldu neçə gün, gəzdim başı bəlalı, Sonra xəbər tutdum ki, yaxşılaşmışdır halı. Yenə doğdu üzümə günəşi ümidimin, Yenə vüsal haqqında düşündüm şirin-şirin. Yenə hara getdimsə xəyalıma o gəldi, Gözlərimin önündə bir ay kimi yüksəldi. Onun söhbətlərini salıb tez-tez yada mən Öz ömrümü verirdim bu sevdada bada mən. Gətirdikcə nazını, qəmzəsini nəzərə, Danlayırdım özümü hər saatda min kərə. Deyirdim ki, ay axmaq, heç yoxunmu səbatın, Neçin yara sən əsil mətləbini açmadın?! Filan sözdən sonra sən filan sözü desəydin, Məramını bilincə razı olardı yəqin. Söz verdim bir də əgər yar görünsə gözümə, Bütün istəklərimlə zinət verib sözümə, Ona açıb deyərəm ürəyimdə nə ki, var. Heç şeyi gizlətmədən açıq, aydın, aşikar. Nə edim, eşqin budur öz qaydası, qanunu, Qədim zamandan bəri, aşiqlər bilir bunu. Hicrana düşən kimi bülbül kimi dil açar, Min söz düzəldib yarın ünvanına od saçar. Lakin vüsal çağında unudar hər sözünü, Dili tamam tutular itirərək özünü. Xülasə mən sabahı, gün çıxmadan oyandım, Gedib yarın evinin ətrafında dolandım. Gördüm evin divarı, qapısı, pəncərəsi, Yarın günəş üzündən xəbər verir hərəsi. Baxırdım hər tərəfə sanki röya içində, Qəlbim təşvişlə dolu, başım sevda içində. Birdən gördüm o dilbər gəlib keçdi önümdən, Elə bil ömrüm keçdi, qocaldım bir anda mən. Huşum getdi, yerimdə donub qaldım bir qədər, Sanki röya görürdüm mən özümdən bixəbər. Arzularım məhv oldu, puç olub getdi xəyal, Qəlbim gəldi gözümə, dilim donub oldu lal. O zalım yar deyəsən əhvalımı bilərək, Gülüb baxdı üzümə, keçib getdi xəyal tək. Baxışında var idi xoş ümidlər, vədələr, Gülüşündən yağırdı istehzalar, şübhələr. Mən biçarə yenə də qaldım vüsalə həsrət, Öz istək və arzumdan yenə çəkdim xəcalət. Gah düşündüm baxışı gəl dedi için-için, Gülüşüsə rədd edib get söylədi, nə üçün? Yoxsa mən yanılıram, bunlar bir bəşarətdi? Vüsalinə dəvətçin bəlkə bir işarətdi!? Gah deyirdim gülüş və baxış ilə o rəna, Heç yazığı gəlmədi, etdi mənə istehza, Guya dedi ki, səndən çıxmaz vəfalı aşiq, Sənin kimi xamlara bu ad deyil müvafiq. Belə üzlə necə sən mətləb deyib durursan? Yardan qafil xəyalda min bir aləm qurursan. İndi bax, belə keçir mənim günüm, əhvalım, Getdikcə artan qəmlə, de, necə sakit qalım? İndiyədək arizum, xəyalım bir görüşdü, O vaxtdan ki, təsadüf bəxtimə belə düşdü. Gördüm boşdur ümidim, xəyallarım məhaldır, Bu eşqdə nəsibim sadə bir ehtimaldır. Halım tamam pozuldu, qalmadı tabü təvan, Vəslə ümid yox ikən əzir qəlbimi hicran. Ölüm daha xoş olar belə həyatdan mənə, Bax məhəbbət oduyla yanan cana, bədənə, Ölüm də məndən qaçır, boşmuş ümidvarlığım, Bir vəfasız yolunda məhv oldu bu varlığım». Sözü bura çatanda hönkür-hönkür ağladı, Onun bu yazıqlığı ürəyimi dağladı. Susdu, dili tutuldu, gözləri süzülərək, Düşüb qaldı duyğusuz divardakı şəkil tək. Mənə dərin bir kədər üz verdi bu nağıldan, Kədər nədir başqa bir aləm üz verdi haman. Düşündüm: «Bu zavallı yazıq cavana bir bax, Ömrünü sərf eyləmiş mənasız eşqə ancaq. Sərxoşdur bir şövqilə, qəribədir onda qəm, Onunçun boş görünür eşqində iki aləm. O rahatdır yenə də, boş da olsa, eşqi var, Mən isə avarəyəm, nə məhəbbət, nə də yar. Nə bir yerdə qərarım tutur, dərdim bihesab, Nə işim var, nə gücüm, nə də bitir iztirab». Çox düşündüm daşındım bəlkə mən də birtəhər, Bir yol tapım ki, məni dərd əzməsin bir qədər. Çox axtardım ki, bir iş məşğul eləsin məni, Unudum bəlkə bir az bu qəmi, bu qüssəni. Özümü unutmağa tapdım bircə çarə var, Xilas edər bu dərddən məni ancaq eşqi-yar. Axtardım bir ilqarlı, sədaqətli nigarı, Bəlkə qəlbim dincələ, baxam bir yara barı. Dedilər: «Eşq dərmandır hər bir dərdə, anla sən, Eşqə düşən dünyada qurtarar hər fitnədən». Düşündüm ki, bu yerdə gözəl pərilər çoxdur, Onları tapmaqda da heç bir çətinlik yoxdur. Gözəl dolu küçə, bağ, naz, qəmzəli mehriban, Baxa-baxa qalırsan hüsnə, camala heyran. Allah-allah, nə gözəl ruhaçan yerdir bu yer, Ürəklə göz bu yerdə rahatlanıb dincələr; Desəm kn, bir gülzardır çiçək açmış burada, Nisbəti yox, çünki çox təfavüt var arada. Çünki bahar zamanı çiçəklənər gülüstan, Bura isə gözəldir hər fəsildə, hər zaman. Desəm bura müqəddəs, əcaib bütxanədir, Belə xəta hökmlər yersiz bir əfsanədir. Bütlər axı durğundur, hərəkətsiz şəkildir, Bu bütlərsə can verib can almağa qabildir. Desəm ki, Çin vadisi kimi ruhu çalandır, Nisbəti yox, çünki bu mənasızdır, yalandır, Bir tayfadan ibarət deyildir bu xoş diyar, Bu səfalı ölkədə axı, bir çox tayfa var. Bu ölkədə yaşar çex, rus, alman, rum, firəngli Hər birinin paltarı bir çeşidli, bir rəngli. Xumar gözlü ceyrandır, hərəsi bir nəsildən, Ovlamaqçın ovçunu gəzirlər üzləri şən. Yırtıcı vəhşiləri edirlər bir anda ram, Qan içən aslanları tora salarlar müdam, Xülasə, çox düşünüb, daşındım mən, nəhayət, Yüz xəyal, yüz ümidlə tutdum qəlbimdə niyyət. Ürək narahat oldu yenə etdim ahü vah, Qəlbim bir Müştəriydi, qarşısında Mehrü Mah. Hərdəm bir xumar gözlü atırdı sinəmə tir, Qəlbimin ayağına zülfü olurdu zəncir. Gah bir gözəl nazilə eşqə işıq saçırdı, Gəzib niyaz əhlini, ürəyini açırdı. Bir başqası oxurdu məhəbbət təranəsi, Eşqi qızışdırırdı onun odlu nəğməsi. Mən heyrətdə qalmışdım, kimə verim qəlbimi, Nə edim, sevmək üçün intixab edim kimi? Yar hesabsız dövrəmdə, mənimsə bir qəlbim var İşim çoxdur, vaxtım az, indi nə etmək olar?! Düçar oldu ürəyim bir gözələ nəhayət, Verdim ona könlümü, dedim tapdım səadət, Lakin bərk yanılmışdım, az keçməmişdi ki, mən Anladım hər bir işi onun hərəkətindən. Ardına düşüb bir çox eşqbaz pəhlivanlar, O da sevir hər kəsi, yoxdur ona etibar. Sən demə, mən də onun aşnasından biriyəm, Vüsal üçün ardına düşüb bir pay dilərəm. İxtiyarım yoxdur ki, edim ondan şikayət, Əğyar ilə görüş də onlara olmuş adət. Mən çox razı qalaram yarım cəfa etməsə, Lakin eybi yox imiş əhdə vəfa etməsə. Mən də guya hər kəsə meyl eləsəm yeri var, Hər ikimiz bu işə verməliydik ixtiyar. Nə o, nə mən deyilik bir-birinə bivəfa, Bu bir adi şey imiş saxlasaydıq aşina. O da gəzir özüyçün, sən də gəzib kef elə, Ona da belə xoşdur, sənə də xoşdur belə. Səndən yaxşı tapınca etibarı unudar, Yaxşısını tapdımı, çıxdı əlindən o yar. Vəfanı bilən təmiz, pak ürəkli yar hanı? Ki, ona qurban edim dərdə düşmüş bu canı! Huri kimi bəzənmiş bu gördüyüm gözəllər, Yolkəsəndir quldurdu, biri birindən betər. Bir zavallı bilmədən ürək versə onlara, Tora düşmüş ov kimi, qəlbinə dəyər yara. Ov yaxşıdır, səhv etdim, bəzən ov qalar rahət, Düşdüyü tor içində edər gah istirahət. Lakin belə pərivəş, şeytan ürəkli dilbər, Yaxşını da, pisi də bir anda məhv eyləyər. Onlar eşqi bənzədir mənasız bir həvəsə, Qarğa ilə bülbülü salırlar bir qəfəsə. İndi ki, belə oldu qınamayın siz məni, Nə üçün mən dost tutum həyatıma düşməni? Nə yaxşıdır qoy mən də eşq, sevda duymadan, Ürəyimi vermədən hər gün tapım bir canan. O cavan yazıq idi ümid edib murada, Hiyləyə aldanaraq ömrünü verdi bada. Neçin məni onun tək məhv eləsin boş xəyal, Neçin yarı görəndə, dil tutulsun, olum lal. Heç olmasa bəlalı, işgəncəli bu anda, Bir rahatlıq arayım vəfalı bir cananda. Hanı o dilbər, hanı, eşqimə olsun layiq, O mənə tam vəfalı, mən də o yarə sadiq?! Aman, vermə qəlbini o cəfakar dildara, Ki, əri ola-ola gözləri yar axtara. Aşna tapan tək yenə onu ata gülərək, Bir başqa yar axtarıb, qura ona min kələk. Arxasınca gəzdirə aşiqləri qədərsiz, Qoya o yazıqları bir-birindən xəbərsiz. Bu cür gözəl görünən cananda olmaz vəfa, Onlar səni dərmansız dərdə edər mübtəla. Bəsdir daha, ey Qüdsi, qurtar bu hekayəti, Gözəllərdən çox etmə bu qədər şikayəti. Gətirdim bu misalı bəlkə olsun bir örnək, Məqsəd burda deyildi eşqə xələl gətirmək. Eşqə ziyan yetirər, onu salar rövnəqdən, Əgər hüsnü duymasan bütün təmizliklə sən. Həqiqət axtarana lazımdır möhkəm dəlil, Haqqı rədd ya qəbulla anlamaq mümkün deyil. Yaxşıya da, pisə də bir pərdə çəkilmişdir, Özgəyə ayıb tutmaq özü də ayıb işdir. Təsəvvürdə, təftişdə zənn etmə düz yoldasan, Təkcə sən öz əqlinə arxalanma heç zaman. Ağılla dərk edirik nöqsan cəhətləri biz, Nöqsanını dərk edən ağıllıdır şübhəsiz. * * * Kitabxana.az · https://kitabxana.az/collections/bakixanov-poemalar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1847). Public domain (author died 1847). Original text only.