Qəzəllər Abbasqulu ağa Bakıxanov (1794–1847) Ah ki, o itmiş gözəldən pirəhən peyda deyil Ah ki, o itmiş gözəldən pirəhən peyda deyil, Pirəhən yox, bəlkə bir beytül-həzən peyda deyil, Bənzədibdir gülşəni bütxanəyə bu lalə, gül, Laləüzlü, gülsifət bir bütşikən peyda deyil. Mən çəmənzar içrə bu abi-rəvani neylərəm. Burda ki, bir səbzəxət, şirin dəhən peyda deyil?! Şaxəsindən güllərin mən almaram peymanəni, Əldə sağər saqiyi-nazikbədən peyda deyil. Səbzə örtmüş ruyini bir tazə pərdəylə, neçin, Səhnəsində bir gözəl xoş yasəmən peyda deyil. Bülbülün avazəsi gülzaridə verməz fərəh, Çünki, bir canlar alan şirinsüxən peyda deyil. Sevgisi bir nəqşdir könlündə Qüdsinin inan, Orda bişək hiyləgər bir Əhrimən peyda deyil. * * * Aman ki, ol zalim canan ğarəti-can edib getdi Aman ki, ol zalim canan ğarəti-can edib getdi, Bu sinəmi bir şuridə qələ, zindan edib getdi. Fəraqında işıqları, yuxuları aldı gözdən, Gün-gecəni aşiqinə necə yeksan edib getdi. Canan getdi yanımdan ah, mən əl çəkdim canımdan ah, Ruhum onun arzusuyla belə cövlan edib getdi. Qəlbim onu görmək üçün gəlib çıxdı gözüm üstə, Ətəyimi qan yaşilə bir gülüstan edib getdi. Belə çətin vəziyyətdə heç xatirim cəm olarmı, Ki o pəri şanlı məni çox pərişan edib getdi?! Gözlə ürək abü tabi almış qəhrü kərəmindən, Bir şam üzlü məni necə ağlar, xəndan edib getdi, Bu sadəlövh Qüdsini yar vəslə ümid verə-verə, Nə hiyləgər məharətlə bəndi-hicran edib getdi. * * * Arizu eylər könül dildar gəlsin, gəlmədi Arizu eylər könül dildar gəlsin, gəlmədi. Zülfü kafər, gözləri xunxar gəlsin, gəlmədi. Hər pərivəş cilveyi-hüsn eyləmiş, mən gözlədim, Dilrübalar fövcinə sərdar gəlsin, gəlmədi. Canə gəldim bivəfalar ülfətindən, istərəm, Bir vəfa rəsmində sabit yar gəlsin, gəlmədi. Dərd-möhnət keçdi həddən, bəs ki, çəkdim intizar, Gözlədim ol şux gülrüxsar gəlsin, gəlmədi. Ləhcəyi-canpərvərindən şur salsın aləmə, Əndəlibi-şaxəyi-gülzar gəlsin, gəlmədi. İstədim, Qüdsi, deyim vəsfi-camalın dilbərin, Kuşiş etdim, zinəti-göftar gəlsin, gəlmədi. * * * Bica yerə etmir qaşına səcdə hər əhbab Bica yerə etmir qaşına səcdə hər əhbab, Çünki sayılar qiblə hər an guşeyi-mehrab. Heyrətdəyəm, aya, nə edir bəhs münəccim, Basmış ki, sənin qul dağını alnına məhtab. Dövlət diləyirsənsə, burax dövləti, varı, Bu ali yer olmaz sənə başqa cürə icab. Pak eylə ürək qanını qəlbdən nə ki, gözdən, Dağlarda tutulmaz yolu, artar daha silab. Üzdən görünər batini hər aşiqin əlbət, Dağ aldı dəvadən necə gör laleyi-sirab. Dəvət eləmə sən məni artıq o behiştə, Mən istəmərəm ol yeri, var orda da xunab. Qüdsi, nə qəmi yansa cəhənnəmdə bu cismin, Od vurdu mənim qəlbimə bir mehri-cahantab. * * * Bir səhər vaxtında birdən gəldi hatifdən nida Bir səhər vaxtında birdən gəldi hatifdən nida, Müjdə olsun zöhddən, dindən qaçan hər insana. İndi ki, yoxdur ağılda, nəfs əlində ixtiyar. Yox olur başlanmadan hər eşqə bağlı macəra. Dur gətir, saqi, o meydən kim, verər zövqi-əbəd, Bir odur qəlbə təsəlli bəxş edən bu dünyada. Etibar olmaz budaqda güllərin dövranına, Soldurar badi-xəzan, bu dövlətə yoxdur vəfa. Eşq mülkündə əcəb qanun qoyulmuş müntəzəm, Bu sarayda zülm-adət, qan-mübahdır daima. Gözlərin min işvə ilə öldürür min aşiqi, Heç kəsin qalmaz məcali, dəfini bilməz rəva. Qüdsinin hər nəğməsindən yarın ətri pəxş olur, Bir adındır bəxş edən ətri onun asarına. * * * Bivəfa yarə könül versə vəfadar əbəs Bivəfa yarə könül versə vəfadar əbəs, Əhdü peymanı yoxa verdiyim iqrar əbəs, Dərdi-dildən səni çox eyləmək olmaz agah, Qıldığım nalə, qələt, etdiyim izhar əbəs. Gül kimi beş gün imiş söhbəti-əbnayi-zaman, Eylədim ömrümü zaye, özümü xar əbəs, Çeşmi-cadunigəhin məsti-meyi-xab ikən, Ah kim, eylədim ol fitnəni bidar, əbəs. Bulmasa feyzi-nəzər kəsbi-kəmal etməz hüsn, Yari-aşiqdən əgər gizləsə rüxsar, əbəs. Aşiqi-paknəzər vəslini hicranda sanır, Eyləməz arzuyi-dövləti-didar əbəs. Qönçəvü laləni gördüm, qəmə batdım, Qüdsi, Eylədim meyli-tamaşagəhi-gülzar əbəs. * * * Bu qaranlıq gecə yarəb çəkəcəkdir nə qədər Bu qaranlıq gecə yarəb çəkəcəkdir nə qədər, Olacaqmı bitə hicran, gülə nurani səhər?! Bir ömürdür çəkirəm nalə ömür yazında, Bəlkə tutsun ürəyimdən o gözəl yar xəbər. Aman ey badi-səba, sal yada bu halımı sən, Ol vəfasız yarımın kuyinə gər düşsə güzər. Sevginin ovlağı çox qorxulu bir sahə tutur, Orda qartalı vurar bircə oxu ilə nəzər. Düşdü töhmət toruna qəlbimiz, ey yar gərək, Zülfün olsun bizə rəhbər ki, keçə bəlkə xətər. Təkyə verdimsə yarın zülfünə, zahid, qınama, Sevginin yorğunuyam, başqa xəyal etmə hədər. Ol xumar gözlə üzün əldən alıb taqətimi, Çıxmaz eşqin ürəyimdən də çalışsam nə qədər. Nuh kimi kuyinə düşsəm o sitəmkar gözəlin, Qorxuram göz yaşın axır məni siylaba verər. Qüdsi, ömründə tutub guşeyi-ismət daim, Qanı axsın hədərə çıxsa bu ismətdən əgər. * * * Dil eşq yolunda zar olubdur Dil eşq yolunda zar olubdur, Bir gül həvəsində xar olubdur. Xunabə dönübdü rəngi-zərdim, Bu gülşən üçün bahar olubdur. Dövrani-fələk müxalif olmuş, Can düşməni-ruzigar olubdur. Dilbər qəmi, dustlar fəraqi, Dərdim bir ikən həzar olubdur, Mən etmə kəlamım olsa dilsuz, Söz mənşəi pürşərar olubdur. Xunin ciyərim bəsani-lalə, Əfsurdəvü dağidar olubdur. Qəm bihədü dərd banihayət, Möhnət dəxi bişümar olubdur. Hicran sitəmi alıb qərarım, Gün nuri gözümdə tar olubdur. Hicrində düşüb bəlayə, Qüdsi, Sərgəştəvü biqərar olubdur. * * * Ey bəxt, nədir səndə bu əhval, bu halət Ey bəxt, nədir səndə bu əhval, bu halət, Yoxdur sənə dünyada neçin azca fərağət?! Gah Qaf dağına çıxmadayam, gahi cahanda, Avarə dolannam da vilayət bə vilayət. Gah Qıpçağa, gah Rumə, gah İranə gedib mən, Gah da edərəm Rus, Lehistanə əzimət. Mən bixəbər oldum bu cahandan, o da məndən, Bir itmişə bundan da gözəl varmı əlamət? Qürbətdə bu bəsdir ki, tapılmaz elə insan, Yaxşı, pisimi eyləyə təhsinü məlamət. Bir xeyr yoxmudur ki, nə qürbət nə vətəndən, Bihudə olur ömri-giranmayə də ğarət. Bundan belə bir künci-xərabata düşərdim, Qurtarsam əgər, Qüdsi, bu dəm canı səlamət. * * * Əldə mey, üzdə gülüş gəldi nigarım bu gecə Əldə mey, üzdə gülüş gəldi nigarım bu gecə, Pis nəzərdən uzaq, ol çeşmi-xumarım bu gecə, Yar üzü meylə qızarmış, meyi etmiş üzü al, Nə məharət eləmiş saqiyi-yarım bu gecə! Mən bilirdim ki, kimə lütfi və ya nifrəti var Almasaydı əgər o səbrü qərarım bu gecə. Üzünü yad eləyib gözlərimə axdı qanım, Batinü zahir olub güllü baharım bu gecə. Qaşla üz, ayla günəş misli çıxıb bir yerdə, Nə qiyamət eləyir laləüzarım bu gecə. Kuyinə düşmək üçün sinəmi yırtmış könlüm, O çəmənzari dilər bülbüli-zarım bu gecə. Kakilindən hələ mən bircə dügün açmamışam, Tökülür, Qüdsi, qələmdən nəki varım bu gecə. * * * Fəqrlə tapdım özümə mən əlac Fəqrlə tapdım özümə mən əlac, Qalmadı dərmanə daha ehtiyac. Bax ki, bu dərgahda duran bəndələr, Səltənət almış, özü bitəxtü tac, Şəhdi-ləbindən acı sözlər belə, Ruhə verir ləzzətü zövqilə bac. Gözlə ürəkdən əcəb aldın təvan, Almamış heç kəs bu cürə bir xərac. Mənfəət axtarma bu bazardə, Qəlb yolu tapmaz belə yerdə rəvac. Piri-Muğandan dilədim hümməti, Söylədi dərddir yenə dərdə əlac. Cami-mey al dəstinə, ey Qüdsi, sən, Gizli qalan sirləri dünyayə aç! * * * Gördüm o gözəl türrəni rüxsar arasında Gördüm o gözəl türrəni rüxsar arasında, Bənzətdim onu əfiyə gülzar arasında. Rüxsarə düşən türrələri çəkmə kənarə, Bu rəsmdi əfi dolanar nar arasında. Seyd eylədi zülfün məni bu gözlərə, ey vay! Qaldım nə yaman bu iki bimar arasında. Ey didə, məgər neyləmişəm mən sənə axır, Qoydun məni sən yar ilə əğyar arasında. Göz yaşım ilə bəsləmişəm canıma minnət, Peykanlarını bu dili-xunbar arasında. Gördüm səni əğyar ilə ey mah, məsəldir Bayqu tutar, əlbəttə, vətən bar arasında. Könlüm quşuna dam qurub çeşmi-xumarın, Qafilmi gəzər kimsəni əyyar arasında. Gər guşeyi-çeşmində tutub can quşu məskən, Bayqu tutar, əlbəttə, vətən bar arasında. Rüxsarın əra səfhə kimi vəsməli qaşın, Bir daldı düşüb cədvəli-zəngar arasında Eşq əhlinə daim yetişir möhnəti-cövrün, Zahid, qalasan kaş səni dar arasında! Dəysin başına səktəsiz ol həmdü səlatın, Kimsən gəzəsən aşiq ilə yar arasında. Əfsanə dəxi söyləmə, it bir nəzərimdən, Var sən kimi yüz xər belə bazar arasında, Qüdsi, nə yaman bağladı bu gözləri sahir Yüz sən kimi sərgəştəni bir tar arasında. * * * Gözlərin kim aşiqə məxmur şəklin göstərir Gözlərin kim aşiqə məxmur şəklin göstərir, Əhli-fəqrə mərdümi, məğrur şəklin göstərir. Bəs ki, çəkdim qamətin yadilə ahi-atəşin, Xatirim nari-şəcərdən Tur şəklin göstərir. Nəşeyi-meyxarə bais nolduğun bildim künun, Bir pərivaş can əra məstur şəklin göstərir. Kuyi-canandan cüda aşiqlər əhvalın desəm, Dəşt ara bikəs qalan rəncur şəklin göstərir. Qamət üzrə taqi-geysudən asılmış, həqqi var, Dil ənəlhəqq söyləsə Mənsur şəklin göstərir. Asimanda gövkəbi-səd olsa Əsəd yerdədir, Bu səbəbdən yer savadi nur şəklin göstərir. Töhfeyi babi-Süleyman söyləsəm, Qüdsi, nolur, Bu qəzəl rani-mələxlə mur şəklin göstərir. * * * Gün üzrə ay tuluimi ya gün kəmanıdır Gün üzrə ay tuluimi ya gün kəmanıdır, Ya qaşdurur bu cümləsi aşıq gümanıdır. Cami-cahannümayə düşüb əksi-asiman, Xalın səvadi əxtəri-bəxtim nişanıdır. Göstərsə, yox əcəb, yədi-beyza Kəlimi-təb, Hala ki, şaxi-güldə təcəlla zamanıdır. Badi-səba əbirfişani-çəmənmidir, Ya bustani-hüsn ruxün busitanıdır? Şövqi-təranə, qüvvəti-pərvaz olurmu hiç, Ol əndəlib üçün ki, qəfəs aşiyanıdır? Dilbər bəyani-halim eşitməzsə, yox əcəb, Pərva qılurmu əhli-cünun dastanıdır. Qüdsi, üzari-zərdimi əşk etdi laləgun, Bu gülşənin baharı, zəmani-xəzanıdır. * * * Hüsn mülkündə saçın tapdı böyük bir şöhrət Hüsn mülkündə saçın tapdı böyük bir şöhrət, Bu qəra üzlüyə bax gördü nə ali hörmət! Gözlərin keçmiş idi, yar, qanımdan, niyə bəs-- İntiqam almaq üçün indisə vermir möhlət? Eşq rahində itən qəlbimi mən tapmayıram, Görünür çoxdu bu yollarda itən cəmiyyət. Zülfünü mənzil edibdir özünə mürği-dilim, Qəribin mənzili daim olur axşam zülmət. Saqiya ver mənə bir badə içim fürsət ikən, Bu orucluq ayı sonra mənə verməz fürsət. Qara xal məhrəm olubdur dodağın guşəsinə, Qara hindu nə gözəl yerdə olubdur rahət! Çoxları cəhd elədi vəsf edə bu hüsnünü yar Xoş kəlam Qüdsiyə oldu belə nemət qismət. * * * Hər kim edərsə vərdiş eşqü səfayi-yarə Hər kim edərsə vərdiş eşqü səfayi-yarə, Əvvəlcə ixtiyarı atsın gərək kənarə. Bizdən ərzü təmənna, rəddü qəbul yardan, Bu işlərin nə xeyri var imiş intizarə?! Ənbər saçan o zülfün aşütfə olmasından, Verdin bir asudəlik bu qəlbi-biqərarə. Bu eşqin aləmində vardır behişt-cəhənnəm, Baxsan fəraqi-yarə, ya vəsli-gülüzarə. Bağban icazə versə bağə girim, nə fayda, Dözmək olarmı, aya, gülçinə, zülmi-xarə?! Bülbülləri salardım qəfəslərə bir anda, Dağıdıb son qoyardım xəzanə, novbaharə. Qüdsi, bu xoş çəməndə bir laləüz həvası, Xakə salıb qan etdi, dağ çəkdi qəlbi-zarə. * * * Hər zülmün rahatlıq bəxş edir inan Hər zülmün rahatlıq bəxş edir inan, Şövqindir qəlbimi işıqlandıran. Hər yerdə cəmalın bir gözəlliklə, Gözlərim önündən çəkilmir bir an. Qəbulun şübhəsiz bəxtiyarlıqdır, Olmadım lütfündən mənsə kamiran. Bəs hanı mənzilin, sənə yol hanı? Geriyə qalmışdır bizim karivan. Nakamlıq özü bir kam oldu bizə, Bu imiş eşqdən bizə ərmağan. Əlində xəncərdir, ləbində gülüş, Qəribə qatilmiş bizim canalan. Qüdsi, heyrətdəyəm, məni rədd edən, O gözəl olmuşdur indi mehriban. * * * Kuyindən alır daim rövnəq gülü bustanlar Kuyindən alır daim rövnəq gülü bustanlar, Torpağını ol kuyin təşkil eləyir canlar. Ruxsarını əks etmiş, sanki gülü bülbül bax, Gülzarda gülər hər gül, bülbül edər əfğanlar. Leyliyə deyən dəmdə Məcnundakı bərqi-eşq, Əfsanə kimi gəzdi dillərdə bu dastanlar. Məşuqə və aşiqçin varlıq ilə sərxoşluq, Həm ruzədir, həm bayram açılsa giribanlar. Yar zülfünün hər bəndi san qəlbimi gizlətmiş, Hər həlqəsinə guya bağlanmada çovkanlar. Hər guşəsi bu qəlbin bənzər çölə, səhrayə, Sığmaz ona bu üzdən səhravü biyabanlar. Saqi, nə gözəl, mey--xoş, əğyar gözündən dur. Qüdsi, belə keyf olmaz dövr eyləsə dövranlar. * * * Könlümdə nə şandır, nə də ki, namü nişandır Könlümdə nə şandır, nə də ki, namü nişandır, Pəjmürda edən xatirimi muyi-miyandır. Hərçənd ki, zülmündən usandım nə edim ki, Bu dideyi-qəmdidə, yolunda nigərandır. Heyrət çölü içrə özünü bax ki, itirmiş, Bu namü nişandır, bu nə namdır nə də şandır? Can zülməti içrə görərək abi-həyatı, Bildik ki, ələ az düşəcək, vəhmü gümandır. Bax hüsnü məhəbbətdə olan nazü niyazə, Qaib və əyan içrə onun ruhu nihandır. Hər kim ki, bu dünyada dalıb həşmətü cahə, Söylə ona vaz keç ki, bu aləm güzərandır. Xalində düşüb damə budur can quşu, Qüdsi, Zənn etmə onu bənd eləyən zövqi cahandır. * * * Könlümü bağlamışam zülfünə, ey laləüzar Könlümü bağlamışam zülfünə, ey laləüzar, Qalmamış qəlbdə heç tabü təvan, səbrü qərar, İstədim meylə yuyam dəftərə yazdıqlarımı, Eşq təsiri məni etdi əqildən bizar. Bu riya əhli məni saldı elə şurişə kim, Edirəm rindliyi, rüsvalığı mən indi şüar. Eşq əgər olsa qəzadan bizə qismət nə üçün-- Bu qədər hüsnü vəcahət alıb ol nazlı nigar? Hanı ol zülfü pərişan ki, məni bəndə sala, Qoya bu canimə minnət edərək məstü-xumar. Heç kəsin sağərinə tökməz inan mey bu fələk, Özü peymanəsini döndərib etmiş xunbar. Bu əcəbdir ki, tapılmaz yenə də, ey Qüdsi, Belə bir dilbəri-şirinsüxənü gülrüsxar. * * * Min bir bəlaya düşdü, budur əhli-ruzigar Min bir bəlaya düşdü, budur əhli-ruzigar, Bir saqidir edən məni dünyada payidar. Heç gizlədə bilərmi könül yar eşqini? Etmiş bu dərdi çaki-girbanım aşikar. Sakit deyil könül ki, onun ahu gözləri, Etmiş xədəngi-tir ilə bu qəlbimi şikar, Bir ömrdir ki, verdim ona xəstə könlümü, Mən bilmədim ki, yoxdur ona zərrə etibar. Daim qəm içrə düşdüm onun vəslin axtarıb, Oldum əbəs o qaniçənə mən ümidvar. Verdim firib qəlbimə xabü xəyal ilə, Bəlkə bir az keçə yüngül bu intizar, Yada salarmı heç bu əsir bülbülü o şux, Gülzar içində yan-yana minlərcə Qüdsi var. * * * Mən paxıllıq edirəm quş və qarıncayə müdam Mən paxıllıq edirəm quş və qarıncayə müdam, Ki, xoş, asudə yatırlar yuvada hər axşam. Belə sonsuz görünən göydə də bir vüsət yox, Bəlkə orda ola bir azca bu könlüm aram. Saqiya, bu gecə ver badələri peydərpey, Ta ki, qəlbimdəki bu dərdlərimi yarə açam, Belə məclisdə necə dinü bilik əldə edim, Ki, ədəb qalmamış əsla bu gözəllərdə tamam. Yarımın surəti cənnət kimidir, zülfü ləbə, Kölgə salmış, biri baldır, o biri vermədə kam. Zülfünün hər bükümündən görünür bir göz bax, Zülfü olmuş necə gör bixəbər aşiqlərə dam. Qüdsi, təbin pozular, nəfsinə uysan, ayıq ol, Su tapıb çirki təmizlə, elə bu nəfsini ram. * * * Qəlbimi, dinimi aldı gözəlin hicranı Qəlbimi, dinimi aldı gözəlin hicranı, Dəlilik zənciri saldı saçına bu canı. Qafiləm mən gecə-gündüz özümün halimdən, Bir qaranlıq bürüyüb sanki bütün dünyanı. Mən ki möhkəm deyiləm dinimə, qorxum budur ah, Axiri səcdə edim bir bütə mən pünhani. Hər cəfana dözürəm kaş ki, məni atmayasan, Sevməsən barı düşün, kin ilə bu nalani. Qorxmuram eşqdə töhmətdən, usan ey naseh, Danlağın tərif edər məndə olan peymanı. Qayıdıb qafilədən Leyli olar bir Məcnun, Xosrovu Şirin olar dərgahimin dərbanı. Qüdsi, tərk et bu yolu, burda əziyyət çoxdur, Deyəsən sözlərinin yox daha bir payanı. * * * Pisləyirsən gözəli sən necə hər an, ey şeyx Pisləyirsən gözəli sən necə hər an, ey şeyx? Bu necə əql, nə insaf, nə iman, ey şeyx? Sevgini xəlqə həram etdin əzəldən, lakin Qəlbini çaldı sənin huriyi-qılman, ey şeyx! Hər nədən məst olursan, nə təfavüt, məstsən, Məstliyinlə bizi sən eylədin heyran, ey şeyx! Nə üçün inciyəsən, üzr varındır hər an, Olmusan cümlə təriqətlərə nadan, ey şeyx! Bir baxaq biz içirik, məst oluruq bir meydən, Söylə verdik bu işilə kimə nöqsan, ey şeyx! De görək ki, nə olub hasilin ol məsciddən, Nə verib ömrünə bu naləvü əfqan, ey şeyx! Qüdsiyə vermə nəsihət belə boş baş ilə sən, Onu almış ələ bir zülfi-pərişan, ey şeyx! * * * Saqi, yuyub apar yuxunu didədən bir an Saqi, yuyub apar yuxunu didədən bir an, Gün tək şərabə cilvə verib parlat hər zaman, Örtəndə sən niqabı tapır qəlbimiz ümid, Bu pərdəni yaxar deyirik atəşi-dəhan. Qaşla üzün nə əcayib qiyamət etmişdir, Vermişdir aləmə günü ay ilə bir nişan. Yaqutmudur dodaqların, aya, bəyan elə, Ya canə qutmudur de ki, ol ləli-dürfəşan. Dün məclis içrə gülüb verdi vədlər, Heyrətdəyəm bu vədi kimə verdi mehriban? Eşqə düşən, bəlayə düşər, bilmişəm bunu, Bəs kim edib bu can evini eşqə aşiyax? EY Qüdsi, bax cigər odu yandırdı qəlbimi, Eşqinlə bu kəbabə çilə duzlu su hər an. * * * Sən orda səfa eylə dilculər arasında Sən orda səfa eylə dilculər arasında, Mən qalmışam avarə gürculər arasında. Dərdü qəmi-hicrandan qürbətdə pərişanəm, Döndü cigərim qanə qeyğulər arasında. Tərsabeçələr bihəd, mən necə dutum aram, Can qəsdin edən zalım, cadulər arasında. Hər canibə əzm etsəm əzbəs ki, gözəl çoxdur, Tutisifetəm heyran güzguler arasında. Bir yanə əgər baxsam, qəm çəkmək olur bica, Bunlar kimi məhtələt xoşxulər arasında. Yüz işvəvü mehr ilə aşiqlərə meyl etmək, Bu şəhrdə adətdir məhrulər arasında. Əbr içrə günəş manənd pərtöv salır afaqə Rüxsarəsi her şuxün geysulər arasında [...] Cuşi-xəti-müşkindən bənzər ləbi-canbəxşi, Bir mədəni-yaqutə hindulər arasında. Tərsa gözü kəşf eylər hər ləhzə kəramətlər, Mehrabdə zahid tək əbrulər arasında. Bunlan görüb, Qüdsi, her kimsə ki, aqildir, Etməz özünü riisva bədgulər arasında. * * * Səhər ki, badədən aldı üzün bu rəngilə tab Səhər ki, badədən aldı üzün bu rəngilə tab, Şəfəq utandı, günəş ruyi üstə çəkdi niqab, Məhəbbət əhlinə verdi o zövqi qəmzə ilə, O yar gözlərinin təsirilə axdı şərab. Cahanda şöhrət alıbdır ətirdə Çin mişki, Onun saçı bu sözə qıvrılıb da verdi cavab. O gülüzar vüsali xəyalə gəldikdə, Nədənsə gözlərimi bağladı bu yersiz xab, Tükəndi səbrü qərarım vüsali-eşqində, Ürək bu intizarə necə səbr edib gətirsin tab?! Zavallı könlüm onun zülfü içrə bəndə düşüb, Nə qədər axtarıram tapmıram, olub nayab. Şikayət etməyirəm eşqdən bir an, Qüdsi, Üfürdüyücə odu şələlər edər portab. * * * Xoş ol qəlbə ki, hər mövqe ona bir eşq rəhbərdir Xoş ol qəlbə ki, hər mövqe ona bir eşq rəhbərdir, Odur həm Cəbrəilu vəhy, o Qurandır, peyəmbərdir. Əgər aləm desə aşiq olubdur kafər, eyb etməz, Bu sözlər macərayi-haləti-Səlmanü Buzərdir, Yəqin məslək cahanında bulunmaz xasü am əsla, Ədalət--imana, zülmü sitəm--küfrə bərabərdir. Bu incə nöqtə həll olmaz ağılla, mey gətir saqi, Sənə ta kəşf edim halı, bu dəm hər şey müqəddərdir. Əlindən yaxşı bir iş çıxmayan kəslər deyil mömin, Həqiqət və ədalətdən kənar hər kəs də kafərdir. Əməksiz bil bu aləmdə iş aşmaz, ruzi bəxş olmaz, Bizimdir hər əməl, hər iş, bizə bunlar müyəssərdir. Nə çatsa dostdan, ey Qüdsi, təşəkkür eylə, razı ol, Ki, hər qəmdən sora şadlıq bu dünyada muqərrərdir. * * * Yarəb, bu od nə oddur kim, düşdü cismü canə Yarəb, bu od nə oddur kim, düşdü cismü canə? Od düşdü bir ürəkdən bax cümleyi-cahanə. Qorxum budur, nəhayət, qiyamətə şur salar, Bu fitnə ki, onunla qarışdı bu zamanə. Tufan gərəkdir indi gül şaxəsin sovursun, Orda ki, miskin bülbül salmışdır aşiyanə, Bağban ilə o gülçin nə mənfəət görəcək, Bir yazdan ki, oxşayır hər tərəfi xəzanə? Hər könül ki, bəladan qorxub geri qaçmadı,-- Mərdanə qarşı durdu bu zalim asimanə. Mən susmuşam, etmərəm dərdlərimdən şikayət, Aman bu dərdlərdən ki, bənd vurmuşdur zəbanə. Qüdsi, əcəb bənzərəm o zavallı bülbülə, Ki, əzilmiş qanadla atar can gülsitanə. * * * Yol saldım onun zülfünə sevdası gözəldir Yol saldım onun zülfünə sevdası gözəldir, Hər şeydən onun gün kimi siması gözəldir. Geysusi gözəl, lalə üzari gülə bənzər, Məşşatə nə lazım ki, hər əzası gözəldir. Hər acı sözü yarın olar qəndə bərabər, Bəh-bəh, nə əcəb şivəsi, qovğası gözəldir. Zəncirə düşüb rahət olar bu dəli könlüm, Çünki, yarımın zülfi-çəlipası gözəldir, Bir sərv kimi cilvələnər qaməti gözdə, Çeşmə yanında onun qaməti-rənası gözəldir. Ulduzmudur aya, xalı ol ləbləri üstə, Ya hindli edir səcdə, tamaşsı gözəldir. Tus əhli olan Qüdsi tapıb feyzi o yerdən, Bu Bakılı Qüdsi deyir ixlası gözəldir. * * * Çox gözdə sürmə, əldə həna, üzdə xal olur Çox gözdə sürmə, əldə həna, üzdə xal olur, Nisbət bu qaşü bu gözə bənzər məhal olur. Qafi--qaşın, tayi--telin, lami--ləblərin, Aləmdə əlbir eyləsə, billah qital olur. Lövhi-xəyalə hər necə təhr eyləsəm qaşın, Gəlməz xəyalə axırı məhzi-xəyal olur. Sirri-dəhani sordum o şəkkər dodaqdən, «Pünhan danış bu sirri--dedi,--qilü qal olur». Görçək o atəşin üzünü nitqim oldu lal, Qüdsi, cərəs düşəndə oda, zəngi lal olur. * * * Öyrəşib bu qürbətə, oldum vətəndən bixəbər Öyrəşib bu qürbətə, oldum vətəndən bixəbər, Qəmlərə düşmüş könüldən getdi ümmidi-səhər. Mən ki, dərddən etmərəm bir an şikayət, dinmərəm, Ki, neçin ovçum unutmuş torda, etməz bir nəzər. Vardı qəlbimdə ümidim, arizum, ancaq nedim, Oldum avarə, bu ömrüm, ah, keçdi çox hədər. Mən salıb yadə keçən xoş günləri dostlar ilə, Ağlaram fəryad ilə qəlbimdə sonsuzdur kədər. Yar yanında dərdi mən bir an da duymazdım aman, Gör ki, bu zalım fələk etdi mənə nə zülmlər?! Gər zaman bundan sora gülsə mənə mənası yox, Bir balıq çıxsa sudan başqa nəvaziş nə edər? Mən daha bir an belə vaiz sözün etməm qəbul, Tiflisin küncündə bu ömrü keçirrəm bəxtəvər. * * * Əqlim olursa mane bu eşqi-purhicabə Əqlim olursa mane bu eşqi-purhicabə, Gəlməz fəqət bu eşqin sevdaləri hesabə. Eşqin müqabilində gücsüz qalır düşüncə, Şam da işıq verərmi heç nurlu aftabə?! Dostun yanında bir dəm, başım həvasız olmaz, Gözlər düşər məlalə, qəlb isə iztirabə. Yuxuda da rahatlıq yoxdur o zülfü xaldan. Qoymazlar ki, bu gözlər getsin bir azca xabə, Xanəndənin sədası, mey camı, bağ səfası, Bir od vurar bu canə, necə ki, od kəbabə Vəslində heyrətdəyəm, hicrində intizarda, Kim rast gəlib bu halda bir eşqi-kamiyabə?! Qüdsi, bu eşq ürəkdən çıxmaz, nahaq çalışma, Qoy eşq əmr versin artıq bu dilxərabə. * * * Kitabxana.az · https://kitabxana.az/collections/bakixanov-qezeller İctimai mülkiyyət (müəllifin vəfat ili: 1847). Public domain (author died 1847). Original text only.