Şeirlər Abbasqulu ağa Bakıxanov (1794–1847) Zeynəb Gəl olma riza didəsi xunbar ola Zeynəb, Məzlum Hüseyn! Şümrə giriftar ola Zeynəb. Bu qədr bəla dağinə yox tabü təvanım, Ləb təşnə verüb canini sərdari-cəvanim, Pəs lazimədür həşrə kimi-ruhi-rəvanım, Həsrətkeşi-didari-Ələmdar ola Zeynəb. Düşsə güzərün qətlgəhə, kani-mürüvvəl, Əbbasə belə ərz edərəm baqəmü möhnət, İnsafdü, ey sərvəri-din, sahibi-qeyrət, Şam içrə gedüb rövnəqi-bazar ola Zeynəb? Pərvanə kimi atəşi hicranuva yannam, Əyyami-vüsali eləyüb fikr, dayannam, Zülfimi tökb nə-şüvə, al qanə boyannam, Qan ilə gərək arizi gülnar ola Zeynəb. Bir ah çəküb verdi cəvabun şəhi-dövran, Yandırdı məni sözlərün ey bikəsü nalan, Gər çarəm ola, razi degül canimə Canan, Çöllərdə qalub zarü diləfkar ola Zeynəb. Lazımdu bu can eşqdə al qanə boyansun, Gülzari-vəfa xuni-vəfa ilə sulansun, Meydanda gərək şəmimə pərvanə dolansun, Ol mərkəzün ətrafinə pərgar ola Zeynəb. İmd düşəcək xakilə xunə təni-xəstə, Qətlimə hücum avər olar dəstə bə dəstə, Lazımdu, gəlib qətlgəhə nə-şimin üstə, Başinə salub qarə əzadar ola Zeynəb. Ərz eylədi: Çün qarət edər xeyməni ləşgər, Bir qarə tapılmaz ki, salam başimə mə-cər, Qoymaz məni əfqan eləyüm Şümri-bədəxtər, Ta nə-şüvün üstündə gühərbar ola Zeynəb. Çox zülm edəcəklər məni-məzlumü fikarə, Çoxlar vuracaq sinəmə şəmşir ilə yarə, Üç gün-gecə nə-şim qala qoymazla məzarə, Qüdsi kimi matəmdə gərək zar ola Zeynəb. * * * Fatma tar çalır Əlində titrərkən o nazik tellər, Sonsuz həyəcanla titrədi qəlbim. O incə, o şirin, dadlı nəğmələr, Fələyə qaldırdı ruhumu mənim. Eşqin yüksəldi fərəhlə bir an. Şövqə gəldi can. Qoy açsın qanad, sənin xəyalın. Bir an da olsa qoy gülsün bu həyat, Məst etsin qəlbimi gözəl camalın. Hamıdan xoşbəxtəm bu dünyada mən, Səninlə bağlıdır bəxtiyarlığım. Əqlim də sən oldun, düşüncəm də sən Sənsiz nəyə lazım mənim varlığım? Hüsnünün nurunu gördükdə bir dəm, Könül qaldı mat. Sanasan dövrəmdə rəqs etdi aləm, Bütün kainat bir nəğmə oldu, Füsunlu ahənglə qəlbimə doldu. Mən səni araram ey əziz nigar, Qoyma ki, arizum qəlbimdə qalsın. Təbiət məst olub bizə oldu yar, Çalışır tez bizi ağuşə alsın. O şaqraq səsində Məlahət vardır, Ürəyim səninlə Nə bəxtiyardır! * * * Tatar nəğməsi Qız: Qalanın dibində durmuşdur yarım, Əynində bahalı arxalığı var. Qırmızı mahutun altından onun Mavi rəng köynəyi gün kimi parlar. Məni danlamayın töhmət vurmayın, Deyiləm eşqimdə zərrə günahkar. Əbədi sevirəm onu ürəkdən, Deyildir əlimdə mənim ixtiyar. Atma daş, yarımdan mən aralıyam, Onsuz da ürəkdən mən yaralıyam. Bütün el geymişdir bayram paltarı, Tək qana batmışdır mənim ciyərim. Divarlar dibində narlar sulanmış, Əl çatmaz narlardan birini dərim. Nəyimə lazımdır başqa bir oğlan, Ondadır tək mənim fikrim, nəzərim. Qaranlıq gecədə basıb bağrıma, Nazlardım, gülüncə nazla səhərim. Atma daş, yarımdan mən aralıyam, Onsuz da ürəkdən mən yaralıyam. İravan dağları ayırmış bizi, O qarlı dağları bürümüş duman. O gözəl işvəli gürcü qızları, Ürəyi ovlayar bircə baxışdan. Ah, məni səfalı o şən diyarda, Bir söylə unudub atmayacaqsan? Mən sənin eşqində sədaqətliyəm, Səndəmi eşqinə sadiqsən, oğlan? Atma daş, yarımdan mən aralıyam, Onsuz da ürəkdən mən yaralıyam. Buraya belə bir xəbər gəldi ki, Orada qanlı bir müharibə var. Deyirlər pusquya girmiş səngərdə, Çox böyük hünərlə bizim oğullar. Gözlərim yollarda qalmış amandır, Öldürər məni bu ağır intizar. Yavaşdan allaha dua edirəm, Yarımı sən saxla, ey pərvərdigar! Atma daş, yarımdan mən aralıyam, Onsuz da ürəkdən mən yaralıyam. Oğlan: Duyğusuz daş kimi qala dibində, Uzanıb arzuyla mən də yataydım, Ya bir kəs gələndə sizin tərəfə, Arxadan mən ona qaçıb çataydım, Belə bir gözəlin qardaşıyla mən, Oturub səmimi ülfət qataydım. Qalanın dibində üç ağac vardır, Nə olar onlara bir daş ataydım. Mənim də Züleyxam məlahətlidir, Yanağı qırmızı almaya bənzər. O mənə qol açıb, gəl deyir aman, Açılmış döşünə dəyməsin nəzər. Sinəsi üstündə göyə əl açıb, Edəydim allaha dua hər səhər?! İlahi, sən saxla onu bəladan. Amandır, qoyma yar olsun mükəddər. * * * Gözəl yay Dodaqlarında yarın incə bir təbəssüm var naappim, Təmiz səmadə günəş sanki, şövqilə oynar. İşıq saçar necə o dağlara məhəbbətlə, Təbiət hüsnünə tacdır, tamam zinətlə. Bizə yaxın yaşayır bir gözəl nigar həm də, Tapılmaz heç ona bir tay cəmi-aləmdə. Gecə aşıb hasarı, asta dövrəmə baxıram, Qızıl gülü qoparıb, şümşad üstünə taxıram. O nazənin səhər erkən duran zaman yuxudan, Bu gülləri görüb olsun, bu möcüzə heyran. Əzəl görəndə bu halı təəccüb eylədi yar, Düşündü bəh, nə əcayib-ğərayib işlər var?! Qızıl gülü yetirərmi cahanda heç şümşad?! Və sonra duydu bağa girmiş olmalı bir yad. Kim isə əylənərək şuxluq eyləyir bu təhər, O bir də heyrətilə salmadı bu halə nəzər. Axı o nazlı cavan bilmədi ki, bu mən idim, Qoca yaşımda demə mən özümlə əyləndim. * * * Xitab Əya güruhi-sitəmkar, əhaliyi-Təbriz, Vəfa yerində cəfa sizdə bu nə adətdir?! Həvayi-nəfsə mütiü tamam eyşpərəst, Görüm, ilahi, dağılsın necə vilayətdir. Nə elmə talib olan var, nə rəsmdən agah, Vəli bu firqəyə mətlub zibi-surətdir. Kimin ki, xülqi müzəyyəndir, istəməz zinət, Kişi özün bəzəmək cəhldən əlamətdir. Yetişdi bir yerə iş hər kimin ki, saqqalı, Hənalı olsa uzun, hörməti ziyadətdir. Bu tərz olursa parak tazi tuladan yeydir, Sürü içində siyiz sahibi-kəramətdir. Nə qədər seyr edirəm kuçə ilə bazari, Adam çox az görünür, izdihami-kəsrətdir. Vüfuri vardır üç firqənin bu kişvərdə, Axund ilə xərü xan bihədü nihayətdir. Bunun əmaməsi rəngin, onun yükü səngin, Xüsusən ol birinin cübbəsi qiyamətdir. Xəri çıxaq aradan bunlara şəbahəti yox, O binəvanın işi rəncilə rəyazətdir. Axund ilə xana hər tənə eyləsən yaraşır, Bu müftəxorların əndişəsi şərarətdir. Nə rahi-rəsmi-nəsara, nə şiveyi-islam, Nə bütpərəst süluki, bular nə millətdir?! Bular vuran od idi əhli fəqr xərməninə, Ki, indi şöləvər oldu cahanda, vəhşətdir. Süluki-dəhrdə təhzibi-nəfs üçün fazil, Müdəlləl eylədigin söz sana nəsihətdir. * * * Dörd bahar Könül, şad ol ki, şadlıq vaxtı çatmış, Ki, hər şeydə xuda dövlət yaratmış. Vəliəhdi-cavanbəxtə bax, ol şad, Gözəl bir novərusə oldu damad. Bu mövsimdə bahar içrə bahardır, Atanın gün kimi təsiri vardır. Uzaq olsun bu hallardan yaman göz, Xeyirlə yad edilsin qoy şirin söz. Xoş ol şahə ki, böylə təxti vardır, Bu təxt üstündə ali bəxti vardır! Bir İskəndər edibsə şərqi bərhəm, Biri də sülhü qərbdə etdi möhkəm. Bu İskəndər də almışdır gözəl ad, Olardan pay alıb olmuşdur ustad. * * * Kitabxana.az · https://kitabxana.az/collections/bakixanov-seirler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1847). Public domain (author died 1847). Original text only.