Kiçik həcmli və natamam pyeslər Cəfər Cabbarlı (1899–1934) İncə 2 pərdəli dram Birinci pərdə Yaşıllıq, ağaclıqlar içində bir kəndciyəz. Sağdan, soldan bir neçə evin qapısı kiçik bir meydançaya açılır. Aydınlıq bir gecə. Pərdə açılınca Aslanbəy, Gülbudaq, Valentinov, Dmitri və bir çox əsgər oğurluğa gedirlərmiş kimi, baxınaraq girirlər. Aslanbəy (soldakı kiçik bir evi göstərərək). Budur qaçaq Aydəmirin daxması. Valentinov. Indi orda kim yaşayır? Aslanbəy. Bir anası, bir də kiçik, beş yaşında qardaşı. Valentinov. Çox gözəl, bir bilsəydik, bəlkə də gəlmiş. Aslanbəy. Yox hələ də gəlməmiş. Valentinov. Kim bilir ki, bəlkə də heç gəlmədi, həm də bizi görsələr... Aslanbəy. Yox, bu gecə ölsə, qalsa, gələcək. Yaxın yerdən bilmişəm. Özü xəbər göndərmiş. Valentinov. Sanki peşmanlıq sözü Qafqaza girməmiş. Aydəmir bir qaçaqdır, hər bir şeydən şübhəli. Ola bilər gündə yüz yol düşünsün, daşınsın, əvvəl xəbər göndərsin, sonra fikrin döndərsin, söyləsin, gəlməsin. Aslanbəy. Yox, o bir söz dedimi, heç bir zaman unutmaz. Bütün dünya dağılsa da, dediyini edəcək, gələcəyəm söylədisə, ölsə, qalsa, gələcək. Valentinov (Dmitriyə). Aslanbəyin buyurduğu doğrudur. Onu mən də eşitdim. Bir də bir şeyi unutdum. Özü nə cür adamdır, nə cür paltar geyinmiş? Aslanbəy. 19 yaşında çubuq uşaq. Üç ay var ki görməmişəm, geyimini bilmirəm. Ancaq yazıq Əsədbəyi yaralayıb qaçarkən bir qırmızı cuxa vardı əynində. Ondan sonra kəndə ayaq basmamış, meşədəki qaçaqları toplamış. Valentinov. Təkmi gələr? Aslanbəy. Kim bilir? Dəstəsində adam çox... Valentinov. Fəqət mənim barmağım da yaralı. Tək də olsa, heç bir güllə ata bilmərəm. Sən bir qədər yaxın yerdə daldalan. Bir şey olsa, haman gəl. Mən dayana bilmirəm, barmağım bərk ağrıyır. Kazaklar da bu yerlərə elə tanış deyillər. Aslanbəy. Ancaq, Valentinov, əziz əfəndim, bu gün tutub sabah buraxmasınlar. Yoxsa... Valentinov. Tutulması çətindir. Gerisindən qorxmayın. Aslanbəy. Mənim artıq dayanmağım gərəksizdir, deyilmi? Valentinov (kazaklara). Çox gözəl, gedib söylədiyim yerlərdə ayrı-ayrı gizlənin. Dmitrini dinləyin. Atmaq lazım gələrsə, qaranlıqda çaşıb bir-birinizi vurmayasınız. Haydı, hər kəs yerinə! (Kazaklar haman dörd tərəfə qaçışıb gizlənirlər.) Valentinov (Dmitriyə). Sən də gözlə, çaşma ha! Bu heyvanlar üstündə güllə bizə dəyməsin. Bu tülkünün pulu çox. Həm də sağmal bir inək. Bu gecədən yaxşı çıxsaq, sonrasına baxarıq. Bu kənd bütün bu tülküyə baxır ha! Nüfuzu çox, həm də böyük bir mülkədar oğludur. Aydəmir də, mən biləni, kimsəsiz bir uşaqdır. Həm də mərd, çox igid olmalı ki, bu tülkünü qorxuzmuş. Fəqət bizim vəzifəmiz müəyyən. Çayın daşı, çölün quşu, istər hamısı qırılsın... Aslanbəy. Mən gedimmi? Tarverdi (öz-özünə oxuyaraq daxil olur.) Pulum varsa, günüm varsa, yalan sözüm həqiqət. Haqsızam da haqlıyam. Pulum yoxsa, gücüm yoxsa doğru sözə nə hacət? Haqlıyam da haqsızam! Valentinov (onu görüncə diksinib ürkərək). Kimdir ey? Tarverdi. Mən, dəli! Valentinov. Bu nə deyir? Bu kimdir? Aslanbəy. Heç, dəlidir. Özgə deyil, əmimdir. Bir az ağlı oynamış. Tarverdi. Dəliyəm, çomaqsızam, tazayam, yamaqsızam, bir az yavan və yağsızam, pulum da yox, gücüm də yox, odur ki, çoxdan haqsızam... Aslanbəy. Bəsdir, yubanmayın, gəlin! Valentinov. Bu doğrudanmı bir dəli? Tarverdi. Odunçuyam, bəy deyiləm, odur ki, çoxdan dəliyəm. Valentinov. Kişi, boş danışma, it get! Əcəlin yetişməmiş sovuş! Tarverdi. Yer allahın, mən Allahın, sən nəçisən, hə? Aslanbəy. İtil, cəhənnəm ol! Valentinov. Fəqət bu heç ağılsız olmasın gərək. Aslanbəy. Bəli, bəli, odur dəli. Neçin ki, kimsəsiz uşaq, kömək də yox, qızıl da yox, bir az da mərd sifətlidir. Valentinov. Kimdir o? Tarverdi. O sərsəri ki, qardaşın bizim əfəndi (Aslanbəyi göstərir) öldürüb, özün də indi axtarır, qaçaq salıb dolandırır. Nədənsə rahat olmayır. Fəqət, qaçın, yaxındadır. Valentinov. O kimdir? Tarverdi. Aydəmir! Valentinov. Fəqət o hardadır? Tarverdi. Yamacdadır. Söyüddə qarpız axtarır. Valentinov. Ağacda qarpızmı dedin? Tarverdi. Çətindirmi? Fəqət düşün. Bu göydə hey bu qarğalar, bir az düşün. Özün də bir ağacda qarpız kimisən. Valentinov. Gözlə bu kefli olmasın. Tarverdi. Kefli odur (göyü göstərir), sayıqlama. Valentinov. Fəqət bunda düşüncə yox. Tarverdi. Xeyr, xeyr, düşündüm. Dünən gecə 44 saat düşündüm. Fəqət yenə bilmədim ki, şeytan ilə bu Aslanın təfavütü nədədir? Onda buynuz olmasaydı, bu idi. Ya bu buynuz taxsa idi, o idi. Aslanbəy. İtil, sarsaq! (Tarverdinin boynundan tutub dümsükləyir; o birilərə) Burada durmaq zərərlidir. Valentinov. Haydı, hər kəs öz yerinə, bərk durun! (Gedirlər.) Zeynal (tələsik və acıqlı girib Aydəmirgilin qapısını döyərək). Səlim qızı, Səlim qızı! İçəridən Səlim qızı və beşyaşlı uşaq çıxır. Səlimqızı. Nədir, sizə qurban olum? Buyursanız! Zeynal (çox acıqlı). Zəhər, boğma, dərd, azar. Mənim adım bu vaxtadək dildən-dilə dolaşır. 16 il hökumətin kəndxudası olmuşam. Qızım sizə tay deyil. Çiçək kimi qız saxlayıb böyütmüşəm. Sudan duru adı var. Ona-buna xəbər yayıb Incə belə, Aydəmirə də belə demək ayıbdır! Bəylər mənim kandarımı öpərkən, sizin kimi gədalar qoşulmaq?.. Səlimqızı. Zeynal, vallah, biz heç yerdə İncə sözün... Ze ynal. Allahıma and içirəm, bu daxmanı alt-üstünə çevirər, od vuraram, torpağı da görünməz. Qan su kimi yol tutar. Qızım sizə tay deyil, ağzınızı toplayın! Səlimqızı. Zeynal qardaş, biz elə söz demədik. Heç bir zaman cürət edib demərik. Sənin adın-sanın var. Biz bu kənddə iki nəfər kimsəsiz. Yavan çörək, o da güclə tapırıq. Yazıq balam, sən bilirsən, meşələrdə... Ze ynal. Mən qaçaqdan qorxmuram. Mən çox qaçaq görmüşəm. Mənim qızım xalq dilində bir oyuncaq olmaz. Mənim qızım xalq dilində bir oyuncaq olmaz. Qaçaq-maçaq bu gün sabah bir gülləyə qurban olub gedəcək. Qudurğanlıq sizə xeyir gətirməz. Həddinizi bilin. Bir də əgər belə bir söz eşitsəm, onda məndən görməyin... Səlimqızı. Axı bunu kim deyir? Zeynal qardaş, biz yazığıq, elə sözlər deməmişik. Sən bizimçin ata ol, sən bizimçin qardaş ol! Biz kimsəsiz adamlar... Zeynalbəyin qızını almaq... Sən bilirsən bir oğlumu 5 ay əvvəl zalım Aslan öldürdü. Aydəmir də, bilirsən ki, dağda-daşda, ona qızmı yaraşar? Ze ynal. Məni dünya tanıyır. Sözü bir çin söyləyərəm. Su yerinə qan axar. Qızım sizə tay deyil. Sonra məndən görməyin. (Gedərək.) Qızım sizə tay deyil. Yurdunuzu darmadağın yandıraram, yaxaram. Sözlərinə bir baxın, nanəciblər, qudurğanlar, tulalar (Gedir.) Xaspolad. Ana, neçin Zeynal əmi səni döymək istədi? Neçin bizi söyürdü? Səlimqızı. Heç, oğlum, söymədi. (Ağlayaraq uşağı içəri aparır.) Gəl, yavrum... Xaspolad. Ana, mən də sabah gedib pəncərəsin qıraram. Səlimqızı. Yox, oğlum! Xaspolad. Ana, neçin ağlayırsan? Sapandımı görmədin? Budur, bax, sabah tezdən gedərəm, gözlərəm, bayıra çıxdı, bir böyük daş ataram, başın-gözün yararam. Səlimqızı. Yox, oğlum, sonra səni döyərlər. Xaspolad. Qaçaram. Sən onları qoymazsan, deyilmi?.. Səlimqızı. Mənim gücüm çatarmı? Onlar məni döyərlər. Onlar kişi, mən arvad. Xaspolad. Sonra, ana, gələr mənim qardaşım da, hamısını öldürər. O kişidir, kişilərdən qorxmayır, deyilmi? Aydəmir bəs evə haçan gələcək? Səlimqızı. Gələr, oğlum, darıxma. Ona bir söz söyləmə. Böyüklərə daş atma. Salam vergilən, oğlum. Xaspolad. Ana, əgər mən böyüsəm, heç birindən qorxmaram. Bir tapança alaram. Səlimqızı (ağlayaraq Xaspoladı qucaqlayır, ondan sonar əllərini göyə qaldıraraq). Ulu Tanrım, sən bu yetim yavrucuğumu əsirgə. Aydəmirə sən yar ol, nahaq bir qan tökməsin. Ona doğru bir yol aç, öz evinə qayıtsın. Ulu Tanrım, kimsəsiz bir ananın göz yaşını unutma. Gedək oğlum, Xaspolad! (Evə gedirlər.) Bu aralıq Aydəmir əlində tüfəng, çiynində patrondaş olaraq gəlir. Gözləri ilə bir şey axtarırmış kimi, baxınaraq içəri girir. Aslanbəy, Valent inov, Dmi tri çıxırlar. Aslanbəy. Odur, tək özüdür. Yoldaşları gəlməmiş. Valentinov. Hazırlanın! (A s l a n b ə yə) Sən də tez ol tüfəngini al, qayıt, evdə ona yaxınlaşmaq çətindir, gərək bayıra çıxmasını gözləyək. Aslanbəy. Bircə yaylım atılarsa, kifayətdir. Hər halda 30 güllə atılarsa, ondan biri dəyəcək. Mən də evdə uşaqlarçın yemək-filan tapşırım. O vaxtadək haman dönüb gələrəm. (Gedirkən) Valentinov. Haydı, tez! Mən uzaqdan baxacağam. Dmitri, nə qədər də şubay boylu incə, həm də yaraşıqlı bir uşaq! Mən biləni bir o qədər təqsirkar da deyildir. Fəqət bizim vəzifəmiz müəyyən. Çayın daşı, çölün quşu, cəhənnəm. Sən yerində hazır dur. Yaylım odun unutma. Haydı, get! Gedirlər. Durna və İncə girirlər. İncə. Bir xəbər bil, gəldimi? Du rna. İncə, sənin bu sözlərin Aydəmirçin çox ağır. Zavallını məhv edər. İncə. Könlüm ona nədən isə bir yaxınlıq hiss edir. Fəqət, Durna, mən atama bağlıyam. İstəmirəm bir şey olsun, qan düşsün, atam məndən incisin. Du rna. Deyirlər ki, atan səni Aslanbəyə verəcək. İncə. Mənə qalsa, onu görmək belə istəmirəm. Fəqət qızdan soruşan kim? Ata hər nə söyləyərsə, qız da onu dinləməli, öl deyərsə, ölməlidir. Du rna. İndi yazıq Aydəmirin halı görən nə olar? İncə. Mənim ona heç bir zaman söz verdiyim olmamış. Mən bir qızam, öz başına öldürsələr, elə bir şey etmərəm. Təkbətək də bir kəlmə söz bir-biri ilə kəsmədik. Ancaq gah sən, gah o birisi ondan mənə, məndən ona söyləmiş, iki dəfə çox uzaqdan gözlərimiz birbirinə sataşmış. O da baxmış, mən də bir az baxmışam. Sonra uşaq yaylığımı oğurlayıb Aydəmirə vermişdir. Uşaq könlüm heç fərqinə varmadı. O hər kəsdən dəyərli, igid, gözəl, sevimli. Fəqət atam bilmirəm kimdən eşitmiş, istəyirdi bütün evi uçursun. Inanmayır. Doğru bir şey bilərsə, inan məni para-para doğrayar. Du rna. Yaxşı, əgər gəlmişsə, neyləsin? İncə. Evlərinə getmərəm. İki kəlmə sözüm var. Mən qorxuram, yaylığımı verməsə atam məni öldürər. Ona söyləyim. Tapşırdım. Söz vermişdi bu gecə üçün gələcək. Du rna. O səninçün, ölüm olsa, çəkinməz. Hər nə isə Allah belə istəmiş. Gedir. Bir azdan sonra Aydəmir yenə əlində tüfəng çıxır. Aydəmir. Məni görmək istəmişdin, gəlmişəm. İncə. Bir sözüm var. Istəyirdim yalvararaq onu sənə söyləyim. Aydəmir. Sən inan ki, sənin üçün hər bir şeyə hazıram. Ölümümü istəsən, bu dəqiqə ölərəm. Cəhənnəmə göndərəcək olursan, gözüyumlu yanar oda girərəm. İncə. Mənim sözüm çox deyil. Çünki bizi burda görən olarsa, atam məni öldürər. Aydəmir. Mən sağ ikən heç kim sənə bir kəlmə söz deməz. Aydəmiri torpaqlara gömməmiş, heç kəs onun ürəyinə toxunmaz. Unutma! İncə. Hər bir halda qızın adı ləkələnsə, ölüm ondan yaxşıdır. (Sükut) Bir neçə ay bundan əvvəl uşaq mənim yaylığımı aparmışdı.... deyirlər ki... mən özüm də bilirdim ki, səndədir. Onu almaq istəyirəm. (Sükut) Aydəmir. Bəli. Incə, məndədir. Fəqət bil ki, Aydəmirin taleyini qara məzar daşlarına çevirdin. Bir sözlə Aydəmiri öldürdün. Allah özü bilir ki, o keçilməz meşələrdə, o çıxılmaz qayalarda Aydəmir bircə sənin xəyalınla yaşayır. Eşitdim ki, məni görmək istəyirsən, o gündən gözlərimi yummadım. Bilməyirdim neçin. Düşündüm. Bir çox şeylər düşündüm. Bir çox şirin xəyalları göz yaşımla suvardım. O dediyin sözləri də xəyalıma gətirdim. Varlığımı sarsıtdı. Uşaq kimi qorxurdum, 12 inan, mən, güllələrdən çəkinməyən, aslanlarla pəncələşən Aydəmir, bu bir fikrin qarşısında yarpaq kimi titrəyirdim. İncə. Aydəmir, dediklərin varlığımı sarsıdır. Mənə qalsa, bəlkə səni dünyalara dəyişməzdim. Allah özü ürəyimdən xəbərdar. Fəqət mənim ixtiyarım atamdır. Istəmirəm atam məndən incisin, mənim adım xalq içində ləkələnsin, söyülsün. Sən könlümə doğmasan, fəqət atam... Aydəmir... artıq burda dura bilmərəm. Aydəmir. Bəli, atan şübhəsiz ki, mənim kimi bir yoxsula, bir kimsəsiz zavallıya getməyini istəməz. Mən səninçin çarpışmadan çəkinməzdim. Fəqət sən... Budur, al! İstəmirəm sən mənimçin bir sıxıntı çəkəsən, sənin adın çəkilsin. Səhnənin ardından səs qopur. Dmitri. Dayan, dayan! Tarverdi (səhnəyə atılır). Aslan... Aslan... soldatları çağırmış. Aydəmir. İncə, get. (Tarverdiyə.) Söylə: hər kəs istəyirsə, buyursun! İncə yerindən tərpənməmiş Dmitri səhnə bucağında görünərək. Dmitri. Tərpənmə! (İncə yerində dikilib qalır) Silahı burax! Aydəmir (tüfəngini dikləyərək). Kim canından qorxmayırsa, buyursun. Dmitri. Haydı! (Silahlar açılır. Dörd tərəfdən Aydəmirə atırlar. Aydəmir öz tüfəngi ilə hər tərəfə cavab verir. İncə çaşıb yerə oturur. Tarverdi bir tərəfə çəkilib daldalanır. Aydəmirin anası və Xaspolad bir həyəcan içində çıxırlar. Durna qapını aralayıb bir maraq və həyəcanla ağlayaraq baxırkən.) Silahı burax! (Eyni vaxtda atəşlər açılır.) Aydəmir. Aydəmir ölməmiş silahından ayrılmaz. Səlimqızı. Ay bala... atmayın. Ya allah! Aydəmir (güllələr arasından yaxınlaşan anasına). Uzaq (Eyni zamanda çəkilərək.) Səslər. Təslim ol! Tərpənmə! Aydəmir. Meşələrdə gözləyirəm. Kim istəyir buyursun! (Ataraq aradan sıçrayıb çəkilir. Anası da güllələr içində ağlayaraq onu təqib edir.) Valentinov, Dmitri, bir neçə əsgər səhnəyə çıxırlar. Valentinov (tez qalxıb getmək istəyən İncəyə). Tərpənmə! (Əsgərlərə.) Sanki hamı gözlərini evlərində unutmuş, otuz adam bir nəfəri qaçırtdı, tülkülər... kənd içində bir nəfər də gəzməsin. (İncəyə.) Sənin, söylə qaçaqlarla işin nə? Sən kimsən? (Sükut.) Yəqin ona xəbər verən, sursat, filan... sən yəqin ki, Aydəmirin bütün gizli yerlərini bilirsən, deyilmi? İncə. Mən, mən? Valentinov. Yox, yox, sənə söylədərəm!.. Alın bunu, bağlayın qollarını! (Bağlayırlar) Həbs edin. Sabah şəhərə gedər, dustaq olub doğrusunu deyərsən. Aydəmir də indi qaçdı. Fəqət mənim əlimdən asanlıqla yaxa qurtara bilməz. Göstərərəm mən ona! İncə. Vallah, mənim heç bir şeydə işim yox. Buraxın, atam məni öldürər. Mən.... mən.... Valentinov. Yox, qolubağlı gedib dustaqları görərsən, doğrusunu söylərsən. O bayaqkı qoca da qaçdımı? Tarverdi. Yox, yox, buradayam. (Çıxır) Bizim yerdə ayılardan qaçarlar, sizdən neçin qaçım mən? Valentinov. Bağlayın. Sənin dilin çox uzundur, qısalması boynuma. Tarverdi (qollarını bağlarkən). Demək, mənim xilqətimdə Allahımın səhvi var. Bu dil, bu qol heç də gərək deyilmiş. Valentinov. Yırtıcılar, vəhşilər! Tarverdi. Ancaq bir şey söyləyim. Aydəmirdən elçiyəm, istərsəniz açın məni, söyləyim. Valentinov. Tülkülüyü burax, kişi. Döyülməyin çatmasın. Tarverdi. Gərəksizsə, çox gözəl; o yalvardı söyləyim, mən də ona söz verdim. Heç olmazsa, mən yalançı olmaram. Mən özüm də istəməzdim onun axmaq sözlərini söyləyim. Valentinov. Doğrudan da sənə bir söz demişmi? Tarverdi. Demiş! Valentinov. İndi özü haradadır? Tarverdi (barmağını uzadaraq). Odur, bax! Valentinov. Nə söyləyir? Tarverdi. Deyir ki, o tutduğu günahsız qızcığazı buraxsa, söz versə ki, heç bir zaman onun adın çəkməsin, namusuma and olsun ki, gələrəm. Silahımı vermərəm, fəqət təslim olaram. Mən nə qədər danladım ki, sovuş get, öz əlinlə boğazına ip salma. Meşəmiz də çox geniş. Söylədi ki, istəmirəm məsum bir qız mənim üçün divanlara sürülsün. Günahsızkən güldən təmiz adına qara ləkə vurulsun. Dmitri. Çox gözəl; sizcə bu bir dəli deyilmi? Ağlı olan özü üçün belə fəna bir şahidlik verərmi? Valentinov. Sözün doğru olmazsa? Tarverdi. Mən heç yalan söyləmərəm. Yalan olsa, mənə verən medalları A slanbə yə verərsən. Valentinov. Aç, burax! Get söylə ki, sözlərinə razıyam. Unutma ki, gəlməzsənsə, uşaqların buradadır. Haydı, get! Tarverdi. Gözləyin. (Gedir.) Valentinov. Açın qızın qollarını! Dmitri. Bəlkə yalan söyləyir, ya Aydəmir öz fikrini çevirdi, gəlmədi? Valentinov. Yox, yox, indi mən işləri anladım. Qız gərək ki, evlərindən xəbərsiz görüşməyə gəlmişdi. O da indi sevdiyinin bir adına həyatını qurban vermək istəyir. Doğrudan da söz vermişsə, edər də. Budur bunlar belədir. Zatən qıza lüzum yox, hər bir halda açın, fəqət bir az Dursun, gözləsin. Açırkən Aydəmir əlində tüfəngi girir. Aydəmir. Budur, mən! Valentinov (geriləyərək). Hə.... e.... e.... e, çox gözəl! Sizin belə doğru adam olmanız sizə zərər yetirməz. Istərsəniz... Aydəmir. Artıq mənə fərqi yox... Fəqət onu... söz verdiniz... unutmayın! Valentinov. Çox gözəl, mən sözümdən qaçmaram. Sevdiyiniz azaddır. Aydəmir. İncə!.. Artıq Allah amanında... gedin... İncə (ürəyini bir şey əzirmiş kimi, çaşqın bir halda yerindən qımıldanmayaraq).Fəqət... yazıq... Mənim üçün sən özünü məhv etdin... Valentinov. Indi sizdən bir neçə söz soruşmalıyam. Şübhəsiz ki, doğru cavab verərsiniz, deyilmi? Aydəmir (əvvəl İncəyə). Mənə artıq bütün dünya cəhənnəm. Mənim üçün ən qaranlıq bir məhbəsin yaşıl, azad bir çəməndən fərqi yoxdur. Sizi burda görməsinlər, gedin. (Valentinova.) Nə soruşsanız, söylərəm. Bağışlayın. (İncə çox mütəəssir, yerə mıxlanmış kimi durur.) Valentinov. Dmitri! Haydı, yaz!.. Dmitri. Qaranlıqda yazı yazmaq... Valentinov. Yaxşı, sonra yazarsan. Indi söylə yaşın neçədir? Aydəmir. 19. Valentinov. Bu yerlərdə kimin var? Aydəmir. Bir anam, beş yaşında qardaşım. Valentinov. Sən qaçaqsan, deyilmi? Aydəmir. Sözün varsa, söz danış. Səlimqızı (çıxır). Ay bala, sözlərimə baxmadın. Ay hakimlər, vallah və billah... Aydəmir. Uzaq, uzaq, səsini kəs! Səlimqızı. Onda heç bir təqsir yoxdur. Allah görüm Aslanbəyin evini altüst eləsin. Bir oğlumu öldürdü... Aydəmir. Səsini kəs, dedim. Haydı, get! Durna və Xaspolad çıxırlar. Xaspolad. Ana, bunlar qardaşımı aparmağa gəlmişlər? Səlimqızı. Vallah, billah... Xaspolad. Ana! Söylə qardaşıma getməsin, hamısını öldürsün. Aydəmir. Xaspolad, get, apar onu! Valentinov. Nə üçün, söylə, öz evini buraxdın, meşələrə çəkildin? Aydəmir. Adam vurdum, onunçun. Valentinov. A s l a n b ə yin öldürdüyü qardaşının intiqamını almaq üçün, eləmi? Aydəmir. Əsədbəydən soruşun, o qoy özü söyləsin. Valentinov. O deyir ki, istəyirmiş nişanlısın aparsın. Aydəmir. Yalandır. Fəqət artıq söyləməyə lüzum yox. Mən bir gücsüz zavallını onun iti caynağından xilas etmək istədim. Etdim də. Valentinov. Sənin fikrin qorxutmaqdı, öldürmək? Aydəmir. O zamanlar heç bir fikrim yox idi. Mən bir namus gözətçisi, o bir namus oğrusu, tutuşduq. Atdım, dəydi. Ölmədisə, orasında işim yox. Baxtı var. Valentinov. Yaxşı, bu iş nə cür oldu, söyləyin? Neçin vurdun? Aydəmir. Mən bir işə min bir adam qarışdırmaq istəmirəm, işdi düşdü, vuruşduq. Du rna. Ağa, durun, mən doğrusun söyləyim. Aydəmir. Durna! Valentinov. Danışın, sizdən xahiş edirəm, buyurun! Du rna. Biz bu kənddə iki nəfər bacı-qardaş yaşayırıq. Yoxsul, gücsüz, əqrəbasız, kimsəsiz. Bu Aydəmir mənim təkcə qardaşımın yoldaşıdır. Aydəmir də bir kimsəsiz adamdır. Beş ay bundan əvvəlləri biz evimizdə ac qaldıq. İstəyirdi qardaşım ki, şəhərə gedib işləsin, bir az çörək qazansın... Valentinov. Sonra, sonra? Du rna. Gedirkən can yoldaşı saydığı Aydəmirə dedi ki, evimizdə kişi yox, bu bacımı ümidində buraxır, gedirəm. Bacın kimi ona bax! Valentinov. Sonra? Du rna. Sonra bir gün Əsədbəy, o yırtıcı canavar, məni kənddə yalqız görüb istədi ki, qaçırsın. Çay başından gəlirkən saçlarımı əllərinə doladı. Kənd içindən sürüdü. Mən bağırdım. Heç bir kimsə qorxusundan yaxın dura bilmədi. Bircə yazıq Aydəmir bu səs-küyü eşidib, harayıma yüyürdü. Bir atışma başlandı. Əsədbəyə güllə dəydi, yaralandı, vəssalam. İşin əsli belədir. Valentinov. Sən əvvəldən Əsədbəyə qaçmaq üçün söz vermişdin, deyilmi? Du rna. Yox, yox! Qoy otuz cüz Quran mənim ciyərimi parça-parça doğrasın. And içirəm o görünməz Tanrıya ki, heç bir zaman mənim ona göz ucuyla baxdığım da olmamışdı. Qoyun gəlsin, gözlərinə söyləyim. Valentinov. Çox gözəl! (Aydəmirə) Hə, bu qızın dedikləri doğrumu? Aydəmir. Mən deyirdim divan-dərə görməmiş qız qapılara düşməsin. Artıq özü söylədi. Dedikləri doğrudur. Valentinov. Sən gedərkən bir silahın vardımı? Aydəmir. Budur, bax! (Yumruğunu göstərir.) Mənim təkcə silahım bu idi. Yetişdim, gicgahından yumruğumu endirdim. Yıxıldı, tüfəngini götürdüm. Yoldaşları dörd tərəfdən atdılar. Mən də onun tüfəngiylə ataraq, çəkildim. Hər tərəfdən güllə yağırdı. Əsədbəy də ortada. Fəqət ona, ehtimal ki, mən atdığım dəymişdir. Tüfəngi də bax, budur! Valentinov. Demək, sənin yoldaşın da, Daşdəmir də bu iş ilə əlaqədar kimidir. Aydəmir. Qətiyyən, o indi də bilmir. Valentinov. Yaxşı, necə yoldaş deyə, sən özünü od içinə tulladın! Aydəmir. Yoldaşıma söz verdim ki, namusunu gözləyim. Yoldaşımın namusu öz namusum deməkdir. Söz verdiyin bir adamın gözlərinə utanaraq qadın kimi baxmaqdansa, torpaq olmaq yaxşıdır. Valentinov. Fəqət neçin o zamanlar divanlara bu sözləri demədin? Aydəmir. Açıq-aydın bir şeydir ki, bu işlərə qardaşımın qatili Aslanbəy də girişmiş. Siz də onun dövlətini buraxıb, doğru sözü tutmazsınız, vəssalam! Valentinov. Bu söz doğru deyildir. Heç bir zaman hökumət ədalətsiz iş görməz. Bu işlərdə keçmiş köhnə intiqam da bir qədər rol oynamış. Dmitri, burasını unutma! Aydəmir. Mən doğrusun söylədim. İndi istər öldürün, istər məni buraxın, mənim üçün fərqi yox. Yaşamaq da istəmirəm. İstəsəm də, bacarmaram. Siz keçilməz meşələrdə bir əzrail saydığınız Aydəmiri bir göyərçin balası, uf... soruşacaq bir sözünüz varmıdır? İncə. Aman Allah! (Üzülür.) Valentinov. Meşələrdə yoldaşınız çoxdurmu? Aydəmir. Kimsə yox! Valentinov. Doğrusunu söyləyin! Aydəmir. Haydı! Artıq bir kəlmə söz söyləmərəm. Valentinov. Silahınız əlinizdə, lütfən, onu təslim... çünki... Aydəmir. Budur, al! (Tüfəngi yerə çırpır, tüfəng sınır). Valentinov. Qollarını bağlayın! İncə. Aman Allah, o yazığı mən çağırdım. Mənim üçün qayıtdı. Du rna. Allah Aslanbə yin evini dağıtsın, qapısını bağlasın. İncə. Onun belə görkəmi ürəyimi didir. Fəqət atam... Ox, zavallı ürəyim!.. Dmitri. Gedək! Aydəmir. Durna, bacım, o zavallı uşağı – Xaspoladı unutma! Du rna. Allah işlərini avand salsın. Get... Allah... (Ağlayır.) Valentinov. Haydı, marş! İncə müztərib bir halda son dəfə olaraq Aydəmirə baxınca, birdən bir şey kəsdirmiş kimi, əlində tutduğu yaylığı ona ataraq. İncə. Budur, al, get!.. Fəqət sən gəlincə, gözləyəcəyəm! (Ağlayaraq gedirkən) Aydəmir. İncə!.. Haydı! (Gedirkən) Pərdə İkinci pərdə Kənd kənarında gözəl görkəmli yaşıl bir çəməngah. Bir tərəfdə kiçik, fəqət gözəl bir şəlalə. Bir tərəfdə Aslanbəy qabağında bir neçə xonça oturmuş. Əsədbəylə söhbət edir. Qabaqda kəndin cavanları güləşir, oynaşır. Şərq musiqisi, yastıbalaban, nağara və sairə çalınır. Aşıq şikəstə oxuyur. Gənclər də ara-sıra onun sözün kəsib, oxumağa başlayırlar. Birinci pərdədən 2 il keçmiş. Aslanbəy. Elə nisyə danışıqdan kar aşmaz. Sonra gəlsin Aydəmir bacardığın eləsin. Əsədbəy. Aydəmirə vur-tut 5 il kəsilmişdir. 2 ildir getmişdir. Aslanbəy. Hələ 3 il igidin ömrüdür. istər sabah qayıtsın. Əsədbəy. Hər bir halda qanlı qanlıdan əl çəkməz. Aslanbəy. Əsədbəy, mən hər şeyin çarəsini düşünmüşəm, qoymuşam. Mən, əvvələn, Aydəmirin qardaşını öldürdüm. Sonra görün, özünü də sənin işin, ya başqa iş üçün hər bir halda qaçaq saldım, tutdurdum. 5 il də iş kəsdirdim. Budur, bu gün İncəni də alıram. Halbuki İncə onun sevdiyi. Bir bu qədər iş gördüm, Aydəmirin kələyini düşünmədim, eləmi? Maraq etmə, əzizim, düşündüm. Aydəmirin ancaq iki yeri var: ya əbədi Sibir, yaxud bizim məzarlıq. Əsədbəy. Çox gözəl, indi Daşdəmirə nə deyirsən? O da məncə, qorxulu. Gələn gündən işin-gücün buraxmış. Bir tüfənglə ora-buranı gəzir. Aslanbəy. Sən ağlını itirmişsən, Əsədbəy! Ya ördəkmi, durnamıdır, nədir, onun dərdindən və yaxud da Daşdəmirin qorxusundan. Əsədbəy. Aslanbəy, sən zarafat düşünmə. Daşdəmir də, Aydəmir də, lüt oğlan. Heyvanı yox, öküzü yox, yeri yox. Onlar üçün öldü, qaldı, fərqi yox. Bir bacıdır, hər bir halda, Daşdəmir heç olmasa da, gedər ərə, keçinər. Deyirlər ki, Daşdəmir də vermir ki, qoy Aydəmir qayıtsın. Aydəmiri gözləyir. Bu şeyləri unutmaq? Aslanbəy. Daşdəmirdən çəkinmə, Aydəmir bir başqadır. O şeytan oğlu doğrudan igiddir, həm də əli itidir... Xəlfə (gəlir). Saqi verin... zalım oğlu S ü l e y m a nı təpəsinə qaldırıb elə çırpdı ki, bir ilə də ayılmaz. Aslanbəy. S ü l e y m a nı yıxdımı? Xəlfə. Elə yıxdı, babasının kürəyinə sarıdı. Əsədbəy. Hayıf, hayıf. D u r s u n dayı, qocaldın. Xəlfə. And içdi ki, 5 ildir güləşdiyi olmamış... Dedi daha Aslanbəyin xətirindən keçmərəm. Süleyma nı bu vaxtadək heç bir yıxan olma- mışdı, elə verdi X o ruzunu qoltuğuna... (Padnosları götürüb Dursu na verir; uşaqlar, gənclər fındıqları, qənnadıları dartmağa başlayırlar.) Dinc durun, yazıq-yazıq orda uzanıbdır. Tazı kimi ləhləyir. Əsədbəy. Qoçdur, qoç... Gənclər hamısı paylaşıb: “Tək olmaz, qoyma, dart”, – kimi sözlərlə vuruşaraq, oynaşaraq gedirlər. Tarverdi çiynində böyük bir şələ odun olaraq girir. Əsədbəy. Sağ ol, sağ ol, ay Tarverdi. Şələsinə bir baxın, bir öküz də götürməz. Aslanbəy. Tarverdini çox da qoca bilməyin. Əjdahadır, əjdaha. Bu saatda tərəzinin bir gözünə 15 öküz qoysalar, Tarverdini vermərəm. Qoca deyil, əjdahadır, əjdaha. Tarverdi. Ağamızın toyunda belə işlər nə işdir? Əlimizdən gələn bu. Əsədbəy. Çox sağ ol! Tarverdi. Vallah, sizə qurban olum! Dedi ki, A s l a n b ə ydən başqa sizə, kasıblara bir adam yox əl tutsun. Allah onun ömrün artıq eləsin. Gərək cavan olaydım. Əsədbəy. Eybi yoxdur, A s l a n b ə y də gətirdiyin odunları unutmaz. Tarverdi. Allah ona oğul versin! Allah onu, dedi ki, Allah onu... Aslanbəy. Eybi yoxdur, Tarverdi. Keçən qışda gəldin məndən 3 pud tumluq buğda çəkdin apardın. Çarə yox, yazıqdır, verməsəm şumu qalar, dedim, qoca kişidir... Indi gərək xırman vaxtı 20 pud buğda çəkib gətirəsən. Tarverdi. Allah qoysa... dedi ki, Allah versə... dedi ki, Allah heç bir bəndəsini o ki var, darda... qoymaz, dedi ki... Aslanbəy. Get, Tarverdi, o buğdanın 10 pudunu bağışladım, apar ye, qalanını verərsən. Tarverdi. Allah səndən, dedi ki... razı olsun... (Aslanın ayağından öpmək istəyirmiş kimi, əyilərkən, şələ başından aşır, Aslanbəy və Əsədbəy qaldırır.) Aslanbəy. Tarverdi, get uşaqlara söylə ki, odun yığıb o qayanın başında bir çırağban etsinlər ki, bütün mahal işığını görməsə, dərilərin soyaram. Sən də qorxma, bahar vaxtı bəyliyindən 5-6 gün keçərəm. Tarverdi. Allah səni, dedi ki, yazıqlara, fəqirlərə çox görməsin. Aslanbəy. Qoy deməsin camaat ki, A s l a n b ə yin kasıblara bir köməyi dəyməyir. Hamısının buğdasından, iş günündən keçərəm. Əsədbəy. Tarverdinin bir gözəl də qızı var. Aslanbəy. Həm də yaxşı qaytağı oynayır. Tarverdi. Hə, neçin, Allah sizin oğlunuzu saxlasın. Odur də...dedi ki, odur də, yırtıq-yamaq, dedi ki, odur də, uşaqdır də... Aslanbəy. Get, qızını gətir bir az qoy qaytağı oynasın. 10 pudu da bağışlaram, apar ye. Əsədbəy. Bu yaxşı! Tarverdi. Kişilərin yanında? Aslanbəy. Nə olar? Əsədbəy. Halva deyil ki, hop eləyib yesinlər. Aslanbəy. 10 pudu da keçirəm. Tarverdi. Neylək, neylək... O 10 pudu verərəm. İkicə pudu bu il yerə buğda səpdim... Allah versə... dedi ki, verərəm... (Tələsik gedir.) Aslanbəy. Bu nanəcib adamlara gəl də sonra yaxşılıq et. Mən istəsəm zorla tutub oynadaram, heç bir söz də deməz, deməz də. Mə lək. Keçin, keçin... arvad-uşaq bulaq üstə çıxır. Əsədbəy. Çox gözəl! (Ə s ə d b ə y) Xəlfə. Keçin burdan, keçin, gəlin bulaq üstə gəlir. (A s l a n b ə yə) Gəlin aşaq dağ ardına, orda meydan düzəldək, qoy gəlin-qız burda çalıb oynasın. Aslanbəy. Çox gözəl! (Gedirlər.) Bir azdan sonra bir dəstə gəlin-qız əllərində dəf, kamança gəlirlər. Dursun dayının əlində də bir qaval, arvadlara qoşulub, oxuyaraq gəlir. İncə olduqca solğun və pərişan halda təzə gəlin paltarında qızlarla bərabər düşünərək girir. Dursun. Kim mənə yumurta versə, ona qurban olaram. Sevər. Kim sənə qapaz çəkərsə? Dursun. Ona da qurban olaram. Olmasam, atam yanar. Sevər. Yaxşı, yaxşı meydan açın! Çalın! Gülbacı, başla! Mə lək. Nədən utanırsan? İndicə gəlinin özünü də oynadacağıq. Sevər. İncə, hazırlan! Gəl də... yerə soxum boynunu, bax mən də oynayıram, gəl! Mələk və bir-iki qız Laləzardır bu gecə, Tale yazardır bu gecə, Gəlinə xına yaxın, Bəy intizardır bu gecə. Sevər və Gülbacı oynayırlar. Dursun (qavalını çalaraq). Daradam, daradam, daraydadam, daradam. (Özü də oynamağa başlayaraq) Görün ki elə yox, bax belə. (Oxuyur.) Pul da ki, vardır bu gecə, Verin qapan, gəlini çəkək, Dükan-bazardır bu gecə. Hamı gülür, əl çalır. Sevər. D u r s u n dayı! Bax, sən dayan, biz oynayaq. Əl-ayağa dolaşırsan. Sonra biz durarıq, sən oynayarsan. Dursun. Hə, yaxşı! Sevər. Sən qıraqdan oxu. Dursun. Yaxşı. (Oxuyur.) Orucu tutmadım yedim, yaxşı ki, kəffarəsi yox, Söz verib dayanmadım, keçər-gedər, çarəsi yox. Sənin eşqin bir odun, mənim də könlüm bir ocaq, Ver nöyüt alışdıraq, tüstüsü yox, qarəsi yox. İncə. D u r s u n dayı... sus, Allah eşqinə sus! Dursun. Yaxşı, susdum. Səhnənin dalından oxumaq səsi gəlir. İncə çox dalğın və mütəəssir dinləyir. Səs. Mən aşiqəm, əsmə külək; Səbrimi kəsmə külək! Sevdiyim uzaq yolda, Qabağın kəsmə, külək! Balam, ağrını alım! Yastıbalaban çalınır. İncə. Sevər! Sevər. Nədir, quzum, gözüm? İncə. Söylə, çalmasınlar, eşidək. Sevər. Gözlərim üstə. Təki sən mənə qulluq buyur. Ay qızlar, dayanın bir görək nə oxuyurlar. Gəlin bura (Aparır, özü qayıdır.) Səs. Ay qız, ay qız, ağam gəl, Ölməmişəm, sağam, gəl; Balam, ağrını alım! Boynumda qəm zənciri, Yolunda dustağam, gəl. Balam, ağrını alım! Qızılgül məndə qaldı, Bülbül çəməndə qaldı; Fələk bizi ayırdı, Yaylığım səndə qaldı. Balam, ağrını alım! İncə. Dursun dayı, ürəyim əzilir. Səs. Mən aşiqəm neylim sənə, Düşübdür meylim sənə; Mən dönsəm, üzüm dönsün, Sən dönsən, neylim sənə? Balam ağrını alım! İncə. D u r s u n dayı! Dursun. Nə var, dovşanım! Ay qız, ağlayırsan... yaxşı, dovşan mənəm. İncə. D u r s u n dayı, sən həmişə deyirsən ki, yaralı ürəkləri çox sevirsən. Dursun. Sevirəm, ancaq sizə nə var? Çünki qız ürəyi, sac çörəyi və yaxud xirmən kürəyi, oyan-buyan dönmək üçün yetər bir axşam küləyi. İncə. D u r s u n dayı, sənə dəli deyirlər. Amma mən həmişə sənin sözlərinə qulaq asıram, sən ürəkləri bilirsən. Dursun. Bu günlərdə göydən peyğəmbərlik kağızı gözləyirəm. İncə. D u r s u n dayı, sən hər şeyi bilirsən, mən yazığam, mənə kömək elə. Dursun. Halbuki ərin dövlətli, az qalıb Allahı qonaqlığa çağırsın. İncə. Neyləyirəm qızıl teşti ki, içinə qan qusuram. Ah, Dursun dayı, könlüm... Aydəmir yadındadırmı? Dursun. 2 il bundan əvvəl o gecə yadımda idi, sonra yox... İncə. D u r s u n dayı, Aslan sənin qardaşın oğludur. Amma bilirəm sən və... səndən qorxmuram... Dursun dayı... bu son gündə Aydəmirin heç olmasa anasını görmək istəyirəm. Ax, Dursun dayı, yazıq könlüm! Dursun. Yaxşı, yaxşı, ağlama, dur getdim, dayan gəldim. (Gedir.) Sevər. Ay məlun! İncə. Sevər, bacıcan! Sevər. Yaxşı-yaxşı, bilirəm nə deyəcəksən. Bu saat görün ki, necə göndərərəm. Getsin dərədə kişilərə desin belə Dursu nlar ki, qızlar da meydanı görsünlər. Qızları da göndərərəm ki, çöldən sənin üçün tac qayırmaqdan ötrü çiçək dərsinlər. Əlbəttə, yaxşıdır. Mən bu günlərdə şeytanla bicliyə şərik olmaq istəyirəm, amma Dursun dayı da başqa qiyamətdir. İncə. Sevər, sən anlayırsan ki, mən nə gündəyəm. Mənə belə gəlir ki, bu gecə cəhənnəmə gedirəm. Sən bilirsən ki, mən o yazığa söz verdim... Sevər. Bilirəm, bilirəm. Gəlirlər. Mən getdim. Sənin ürəyindəkini gözündən oxumuşdum. Ona görə qızları ötürdüm. Tez qurtar, mən qızları saxlaram. Gedir. Səlim qızı və Xaspolad gəlirlər, heç kəs bir söz demir. İncə. Gülsüm xala, mən bu gecə gedirəm. Səlimqızı. Get, qızım, Allah səni xoşbəxt eləsin! İncə. Heç olmasa son gündə səni görmək istəyirdim. (Sükut) Çünki dərdim çoxdur. Səlimqızı. Qızım, Allah səndən razı olsun, heç olmasa yaddan çıxarmadın. Get, Allah sənə yaman gün göstərməsin. Allah səni zəhərli dillərdən saxlasın. İncə. Gülsüm xala, ona deyərsən ki... ox, bəlkə mən bir daha heç bir vaxt onu görmədim. Anacan, ona deyərsən ki, mən bivəfalıq etmədim. (Ağlayır.) Səlimqızı. Eybi yoxdur, qızım, bunun üçün də sizdən çox razıyıq, ürəyinə heç bir şey gətirmə! Allah özü belə istəmiş, Allah özü istəyən yaxşıdır. İncə. Anacan, deyərsən ki, mən çox çalışdım. Tamam iki il atamla, anamla, bütün külfətimizlə vuruşdum. Ürəyimi açıq deyə bilmirdim. Deyirdim naxoşam. Ox, iki il çarpışdım, axır olmadı. Məni öldürmək istədilər. Döyüldüm, söyüldüm, axırda gördüm ki, evdə dolana bilmirəm, mümkün deyil. Ancaq deyərsən ki, mən ona bivəfalıq etmədim. Allah Aslanbə yin evini yıxsın! Səlimqızı. Eybi yoxdur, qızım, yazılan pozulmaz. Allah istəyən yaxşıdır. Get, Allah səni xoşbəxt eləsin! İncə. Yox, anacan, sən bilmə ki, mənim... yaylığım onda isə, özgə ilə... razı oldum... ki, rahat yaşayım... Yox... mən elə zəhərli diriliyi istəmirəm. Bax, ana, görürsənmi, mən bu gecə gedəcəyəm və bu gecə də özümü öldürəcəyəm, budur mənim son yolum... Səlimqızı. Yox, qızım, Allah eləməsin. İncə (sözünü kəsmədən davamla). Ancaq onu o bəlalara mən saldım. İki ildir getmişdir. Üç ildən sonra gələcək. Ox, anacan, mən beş il deyil, on il də, hətta, talesiz ömrümün sonuna qədər də gözlərdim. Fəqət... deyərsən ona ki, məni bağışlasın. Mənə halal etsin. Səlimqızı. Qızım, dəlilik eləmə! Ayın beş gün qaranlığı olanda, beş gün də işığı olar. Adamın başına çox şey gələr. Nə etmək, taleyimiz budur. İncə. Artıq gedin! Deyərsən ki, mən onun əvəzində son günümdə qardaşını öpürəm, o da gələndə həmin günahsız dodaqlardan öpsün. Xaspolad. Ana, mən bu saat gedib bir qəmə tapacağam, gedəcəyəm Aslan köpək oğlunun qarnını cıracağam. İncə. Anacan, gedin daha, sən də get, gülüm! Allah özü mənim divanımı elər. Allah haqdır. Ana... gələndə qəbrimi ona göstərərsən. Mən onu gözlərəm. Ancaq deyərsən ki, mən sözümdə durdum, mən ona bivəfalıq etmədim. Durna girir. Du rna. İncə! (Qucaqlaşıb öpüşürlər.) Gedirmisən? (Sükut) Ağlayırmısan? Eybi yoxdur. Dünyanın işləri belə gəlib, belə də gedəcəkdir. İncə. Gedirəm. (Ağlayır.) Dursu nla Daşdəmir əlində tüfəng hərəsi bir tərəfdən girirlər. Dursun. Səlim qızı, bildirçinlər səhər günəş doğarkən, axşam günəş batarkən oxuyurlar. Bizim X o ruz günortadan banlayır. Du rna. Dursun dayı, bizim ürəyimizdən qara qanlar axır, amma sən yenə zarafatdan əl çəkmirsən. Daşdəmir. Ay ana, gəl evə, adamın yaxşı dostu olsun, bivəfa gedər qalmaz. İncə. D u r s u n dayı, anlat ki, mən müqəssir deyiləm, mənim ürəyimi partlatmasınlar. Daşdəmir. Müqəssir deyilsən. Əlbəttə ki, deyilsən. Bu zamanda qardaş qardaşa etibar etmir, səndə nə taqsır? İncə. Yox, qardaş qardaşa xəyanət edər, amma mən ona etməzdim. Səlimqızı. Eybi yoxdur, qızım, ağlama, Allahın işidir. İncə. Ox, anacan, mən anlayıram ki, mənə gülürlər. Mən bu gülüşlərə layiq deyiləm. Mən köməksiz bir qız nə edə bilərəm. Yenə özü burada olsaydı... Daşdəmir. Sən nə vaxt kömək istədin ki, sənə kömək etmədilər? İncə. Daşdəmir, sən nə edə bilərdin. Sən bilirsən ki, o, əqrəbalı bir qurddur. Kimin ona gücü düşər? Daşdəmir. Yaxşı, bacım, mənim ki, sənə sözüm yoxdur. Get, Allah səni xoşbəxt eləsin! İncə. Gedəcəyəm, bəli, gedəcəyəm və üç saatdan sonra da sən görəcəksən ki, mən vəfasız deyiləm. Mən qızam, ancaq mənim sözüm birdir. Siz mənə kömək edə bilmədiniz, ancaq mən özüm-özümə kömək edərəm. Daşdəmir. Mənim üstümə taqsır yıxmaq istəməz. O, mənim üstümdə, mənim bacımın namusu üstündə Sibirə gedib, mən də öz canımı onun yolunda qoymaqdan çəkinmərəm, nə bacarıramsa da bu saat hazıram. Dursun. Əgər hər şeyə hazırsansa, bu saat qoy qaç! Daşdəmir. Neçin? Dursun. Gəlib sizi bir yerdə görərlər. İncə. Daşdəmir, mənə nə kömək edə bilərsən? Nə üçün mənim ürəyimi didirsən? Dursun. Mən olsaydım elərdim. Istəyirsiniz deyim necə. Ancaq bu şərt ilə ki, kimsə mənim sözümə baxmasın. Səlimqızı. Ay balam, Daşdəmir, gəl gedək. Aydəmirdən sonar bizə bircə sən baxırsan. Sonra gəlib görərlər... Dursun. Bilirsən nə var? Əgər mən Daşdəmir olsaydım, Aydəmir mənim bacımın üstündə atışıb Sibirə getsəydi, mən qoymazdım onun nişanlısını aparsınlar. İncə. D u r s u n dayı, o bir tək adam nə edə bilər? Onun sözünə kim baxacaqdır? Dursun. Sözünə heç kəs, ancaq mən söz danışmazdım. Daşdəmir. Bəs nə edərdin? Dursun. Bax, bu saat kişilər hamısı dərədə. Qızlar da odur hey, orada. Götür sabah şəhərə get, bir axunda bacı-qardaşlıq siğəsi oxutdur. Birisinə də kəbin kəsdir ki, gəlib daha əlindən ala bilməsinlər, vəssalam! Daşdəmir. Mən hazıram, məni heç bir ölüm qorxuda bilməz. İncə. Fəqət... Mənim adım. Mənim atam. Mən... Daşdəmir. Adın, atan, hər bir şey burada məlum olar. Səni onsuz da Aydəmirə xoşla verməyəcəklər. Burada olsaydı, nə edəcəkdin? Onda da atam deyəcəkdin? Dursun. Bir ildən sonra da deyərsiniz yalandan ki, bir uşağı oldu, öldü. Onda büsbütün inanarlar. Daşdəmir. D u r s u n dayı, fikrin mənim beynimə batdı. Ancaq nə çarə? Mən hazıram, İncə! Sən Aydəmiri istəyirsənsə, mən onun əvəzində hər bir şeyə hazıram. İncə. Hazırsan, bəli!.. Səlimqızı. Ay balam, özünü bəlaya salma, gəl bəri! Daşdəmir. Bala, bir gün varıq, bir gün yox. İncə. Mən hazıram, sözünü de. İncə dərin bir iztirabla düşünüb mütərəddid durur, bu halda qayanın arxasından həzin bir səslə oxuyurlar. Səs. Mən aşiqəm, ağlamazdım, Gülərdim, ağlamazdım; Bilsəydim vəfan budur, Sənə bel bağlamazdım... Balam, ağrını alım! Hər kəs sükut içində durub dinləyir, səs davam edir. Göyərçinəm, uçdum gəl! Dost bağına düşdüm, gəl! Yaxşı günün aşnası, Yaman günə düşdüm, gəl! Balam, ağrını alım! Daşdəmir. Adamın yaxşı günündə dostu çox olur, budur yaman günü, nə deyirsən, İncə?! İncə mütərəddid bir sükut içində durmuş düşünür. Səs davam edir. Dursun. Daha bir şey olmayırsa, gedək. Yavaş-yavaş xalq qayıdır. Səs. Ay qız, ay qız, ağam gəl! Ölməmişəm, sağam, gəl! Boynumda qəm zənciri, Yolunda dustağam, gəl! Balam, ağrını alım! İncə qətiyyətlə başını qaldırır. Daşdəmir. Nə oldu, getmirsənmi? İncə. Gedirəm, qoy dünya alt-üst olsun. Qoy məni öldürsünlər. Fəqət mən söz vermişəm, qaçıram. Daşdəmir. Mən hazıram! Səlimqızı. Ay balam, özünüzü xataya salmayın! Du rna. Allah kömək olar! Dursun. Gedəcəksinizsə, gecikmək olmaz. Sonra vaxt keçər. Daşdəmir (tüfənginin çaxmağını qaldıraraq). Gedək! İncə. Ana, Durna bacı bizə halal edin! Kim bilir nə olacaq! Səlimqızı. Ay bala, mən qorxuram... İncə. Ana, yazılan pozulmaz. Nə olacaq, olsun. Gedək, Daşdəmir! Daşdəmir. Gedək! (Əl-ələ verib səhnədən çıxırlar.) Du rna. Ay Allah, indi biz nə edəcəyik? Səlimqızı. Bunlar bizi öldürərlər. Dursun. Daha durmaq yeri deyil. Kişilər gəlir. Du rna. Ay Allah, biz hara gedək! Dursun. Evə getməyin. Gəlin, mən sizi daldalaram. Yubanmayın. Durnanın əlindən tutub dartır. Səlim qızı Xaspoladı bağrına basıb onları təqib edir. Yengə və Sevər girirlər. Yengə (baxınır). Ay balam, bu qız hanı? İncə, İncə! Bunlar nə oldu? Sevər. Mən nə bilim! Bulaq başında oturmuşdu ki, gedə bilmirəm. Mən də getdim ki, qızları çağırım. Yengə. Vaxsey, atanızın evi yıxılmasın, qızı apardılar. Sevər. Kim? Yengə. Odur hey! At çapır. Az qalıb meşəyə girsinlər. Yəqin Daşdəmirdir. (Bayıra atılır. Sevər də onu təqib edir. Yengənin səsi eşidilir.) Ay aman! Qızı apardılar! Ay aman, tez gəlin! Qatmaqarışıq səslər eşidilir. Aslanbəy və Əsədbəy çıxırlar. Əsədbəy. Mən demədim? Aslanbəy. Mənə hayıf vurdular? Eybi yoxdur! Mənim əlimdən qaça bilməz. Atları gətirin. Əzrail da olsalar, məndən qaça bilməzlər. Gəlin! Çıxırlar. Kişilər və gənclər də tüfənglərini dolduraraq ardınca yüyürürlər. Səhnə arxasından güllə səsləri eşidilməyə başlayır. Yengə. Allah boynunuzu sındırsın! Sevər. Ay qız, oturun yerə. O da atır. Hamısı sıxılıb yerə oturur. Pərdə * * * Yaylağa gedir SIĞORTA ŞURASININ OTAĞINDA Yan-yana beş miz düzülmüşdür. Dördüncü mizdə makinaçı qadındır. Qabağında çay ilə dolu və boş stəkanlar. Əhməd (əlində kağız girib “Odalar” havasında oxuyur). Neçə gündür işim düşüb düyünə. Məni doktor salıb yarım bu günə, Bu gün axır işim yetibdi sona, Məni şad et, şad eylə başın üçün. Bədənim çəkinir, vərəm didiyor, Gediyor varlığım, itib gediyor, Məni bu dərd axır həlak ediyor, Məni şad et, şad eylə başın üçün. Mənə çarə yazıldı yaylaqlar, Yaşıl otlar, çəmənlər, irmaqlar, O deyilsə yerim bu torpaqlar, Məni şad et, şad eylə başın üçün. Birinci. Nə istəyirsiniz? Əhməd. Yoldaş, on altıncı otaq buradır? Birinciyazıçı. Buradır. Əhməd. Allaha şükür, iki saatdır bütün otaqları axtarıram, axırı gəlib on altıncı otağı tapdım. Buyurunuz, bu kağızı həkim verdi. Mən vərəmli olduğum üçün gərək yaylaq komissiyasına gedəm. B iri nci yazıçı (kağıza baxaraq). Ora ver. (3-cü mizi göstərir). Ora. Əhməd (barmağı ilə göstərərək). Ora? (3-cü mizə doğru yollanaraq) Yoldaş, bir zəhmət çək, bu kağıza bax. Mən neçə ildir çalışıram, axırda bir-iki ildir vərəm xəstəliyinə tutulmuşam. Üçüncü yazıçı (kağıza baxmadan ikinci mizi göstərərək). Ora ver, ora. Əhməd (2-ci mizə verərək). Yoldaş, mən vərəmli olduğum üçün doktor baxdı. Dedi bir-iki ay da burada qalsan ölərsən. Bu da kağız. Gərək mütləq yaylağa gedəsən. İkinciyazıçı (4-cü mizi göstərərək). Ora ver, ora. Əhməd. Hara, ora? (4-cü mizə doğru gedərək) Yoldaş, bir zəhmət çək bunu düzəlt. Doktor demişdir iki ay şəhərdə qalsan, ölərsən. Mən indi ay yarımdır hələ bu kağızın dalınca avarayam. Daha əldən-dildən düşmüşəm. Hara gedirəm o bunun yanına göndərir, bu onun yanına. Birinciyazıçı. Ora ver, ora. (5-ci mizi göstərir) Əhməd. Hara, ora? (5-ci mizə doğru gedərək) Allahü əkbər, başım gic getdi. Axı mən naxoşam, yoldaş. Üç gündür o otaqdan bu otağa göndərirlər, bu otaqdan o otağa, o mizdən bu mizə, bu mizdən o mizə. Yoldaş, başına dönüm bir zəhmət çək, bu kağızı düzəlt, daha əldən düşdüm. Beşinciyazıçı (onu dinləmədən qalxaraq). Belə olmaz, canım, bu arvad səhərdən iki stəkan çay verib, çıxıb gedib, daha görünmür. Maşa, Maşa! (Deyə çıxır) Əhməd (əli uzanmış qalır). Ay başına dönüm, indi də deyəcəklər ki, vəqt qurtardı, get sabah gəl. (Durub gözləyir) Üçüncü. Mənim üçün də çay tapşır, əlüstü qapı ağzında çəkmələrimi sildirib gəlim. (Durub gedir) Əhməd. Başına dönüm, bir az zəhmət çək, bəlkə yenə “Ora ver” oldu. Sən də olmazsan... Gözüm qorxub. Bu yaylağa gedincən... Üçüncü. Yox, yox. Mənim yaylaq işilə əlaqəm yoxdur. (Gedir.) 5-ci gəlir. Çayçı çay gətirir. Əhməd kağızı 5-ciyə uzadaraq. Əhməd. Başına dönüm, bir bu kağızı düzəlt, daha gözləməkdən yoruldum. Beşinci (onu dinləmədən) Lida, qəndin var? (4-cüyə doğru gedir) Dördüncü. Şakalad var. Ala. Sən mənim qədrimi bilməzsən. Beşinci. Biləks. Sən mənə zəhər də versən, mən şad olaram. Əhməd (qorxaraq ona yanaşır). Yoldaş, bu kağız da... Beşinci. Yoldaş, mən məşğulam, mənə mane olmayınız. Min yol sizə deyilmişdir ki, içəri girməyiniz. Xalq oçeredə durub, siz də pəncərədən cavab alarsınız. Dördüncü. Axır ki, göz açmağa imkan verməyirlər. Qapıdan çıxarırsan, pəncərədən girirlər. Əhməd. Axı, yoldaş mənim işim pəncərəlik deyil. Pəncərədə bir həftə dayanmışam; axırda məlum olmuşdur ki, işim pəncərəlik deyildir. Beşinci. Nə istəyirsən? (Öz mizinə doğru gedir. Ə h m ə d də danışaraq onu təqib edir) Əhməd. Yoldaş, mən vərəmliyəm. Doktor dedi ki, iki ay şəhərdən yaylağa getməsəm... Lida 5-ci mizə yanaşaraq Əhmə din sözünü kəsir. Dördüncü. Siz kişilərin eşqi bir ildırım kimidir. Bir saniyə parlar, sonra həmişəlik məhv olub gedər. Əhməd. Başına dönüm, ay yarımdır başım hərlənir, xəstəyəm, gözlərim qaralır. Bu gün altı saatdır bu otaqları gəzirəm. İmdi də deyəcəksiniz vəqt keçdi, get sabah gəl. Beşinci. Nə istəyirsən? Əhməd. Atam, mən deyənə də qulaq asınız da. (Kağızı uzadaraq) Mən vərəmliyəm. Gərək yaylağa... (5-ci kağıza baxmadan sözünü kəsərək) Beşinci. Ora ver, ora. (2-ci mizi göstərir) Əhməd. Baş üstə, ağa dedi sür dərəyə, sür dərəyə. (2-ci mizə) Beşinci. Dedilər sənə ora ver, ora ver. Artıq söz lazım deyil. Əhməd. Yoldaş, bu kağıza... İkinci. Ora ver, o mizə. (3-cünü göstərərək) Əhməd. Orada adam yoxdur ki... İkinci. Yoldaş, qaçaqaçlıq deyil ki, yoxdur, dayan gözlə, gələr də. Əhməd. Axı yoldaş, mən naxoşam, dayana bilmirəm. (Gedib 3-cü mizin yanında durur). Gözəl, dolu sarışın bir qız girərək 2-ci mizə müraciətlə. Qı z. Yaylaq komisyonu işləri üçün burayamı müraciət etməliyik? İkinci. Əvət, əvət, X a n ı m. Buyurunuz, oturunuz. Harada çalışırsınız? İstəməz, istəməz. Burada yazılmışdır. Deməli, siz Borjoma göndərilmişsiniz. Qı z. Vur-tut bir ay göndərdilər. Dünən gəlmişəm. Yenə şəhər istidir. İstəyirəm bir qədər Mərdəkana gedim. Sentyabrı orada keçirim. İkinci. Hə, çox gözəl olar. Bəs külfətiniz haradadır? Qı z. Olar da Mərdəkanda bağ tutmuşlardır. Ancaq mən onların yanında qalmaq istəməyirəm, darıxıram. İkinci. Deməli, siz şənlik sevirsiniz? Qı z. Belə bir az. İkinci. Pəki, siz durunuz. Mən bu saat imza etdirib gətirim. Yox, gecikərsiniz. Vəqtə ancaq səkkiz dəqiqə qalmışdır. Əhməd (onun ardınca qaçaraq qorxaq bir vəziyyətlə). Yoldaş, biz də yaylaqçıyıq. Başına dönüm, mənim də kağızımı... İkinci (Ə h m ə di dinləmədən qıza). İki dəqiqə gözləyiniz, bu saat. (Gedir) Qız (Əhmə di görüncə). Axmed, bəs səni haraya göndərmişlər? Əhməd. Məni evimizə. Heç bir yerə. Hələ heç kağızımı düzəldə bilməmişəm. (Üçüncü gəlir. Əhməd qaçıb kağızı ona uzadaraq) Başına dönüm, səhərdən sizi gözləyirəm. Dedilər bu kağıza gərək siz baxasınız. Üçüncü (1-cini göstərir). Oraya veriniz. (Qızı görüncə) Aha, siz qayıdıb gəlmişsiniz? Qı z. Qayıtmışam. Ancaq imdi də Mərdəkana getmək istəyirəm. Əhməd. Yoldaş, vallah bu qız bizim idarədə olur. Mən düz bir ay yarım ondan əvvəl kağız almışam. İmdi o gedib də, gəlib də. Yenə təzədən gedir. Mən hələ kağızlarımı düzəldə bilməmişəm. Özüm də bərk naxoşam. Qı z. Doğrudan da, o yazıq bir ay yarım məndən əvvəl kağız almışdır. Üçüncü. Yaxşı da (1-cini göstərir), ver ora yazsınlar. (Qıza) Pəki, Borjomda necə keçindiniz? Qı z. Sağ olunuz. Əhməd (1-ciyə). Başına dönüm, yenə sənin yanına göndərdilər. Birinci. Hə, nə istəyirsən? Əhməd. Belə, həkim deyib, iki ay şəhərdə qalsam, ölərəm. Gərək yaylağa gedəm. Birinci (kağızı əlinə almadan baxaraq). On səkkizinci otağa. Əhməd. Başına dönüm, mən üç gündür 18-ci otağı axtarıram, tapılmayır. Birinci. Otaqları mən tapıb sənə verməyəcəm. Soruş, gör haradadır. Gərək ki, üçüncü mərtəbədədir. Yuxarıda. Əhməd. Lənət sənə kor şeytan! (Deyə çıxır) Dördüncü. Yaxşı, getməyirsən? Axşam bulvarda görüşəriz, gərək ki, vəqt qurtarmamışdır. Beşinci. Bilirəm yenə gəlməyəcəksiniz... Dayanınız, hələ bir söz də deyəcəyəm. Əhməd (girərək). Yoldaş, deyirlər bu idarədə axırıncı otaq on yeddincidir. Heç bu idarədə 18-ci otaq dibindən yoxdur. Birinci. Yaxşı, ver on birinci otağa. Əhməd. Yoldaş, on birinci otaqda dünən dedilər on altıncı otağa. Birinci. Sənə dedilər on birinci otağa. (3-cüyə) Çəkmələri neçiyə sildirdin? Üçüncü. Çox baha. Birinci. İmdi daha yaxşı maz yoxdur. Kömürü isladıb sürtürlər. Əhməd (girərək). Yoldaş, on birinci otaq boşdur, deyirlər köçübdür. Birinci. Daha mən nə edim? Əhməd. Başına dönüm, axı hayana köçüb? Bəlkə siz bilərsiniz? Birinci. Bayırda soruş öyrən. Mən küçələri ölçməyəcəyəm ki, Gərək ki, Naberejniyə köçübdür. Əhməd. Ay qardaşım, axı mən bu uzun küçədə onu haradan tapacağam. (Deyə çıxır) Dördüncü. Yox, daha söz verdim, gələrəm. Beşinci. Bax, Lida, bu gün gəlməsən, özün bil. Qiz (üçüncüyə). Doğrudan da, mən istəyirəm elə olsun ki qardaşımı da yazsınlar. O da mənimlə bir yerdə getsin. Üçüncü. Qulluqdadır? Qız. Qulluqdadır. Ancaq o da bir ayını gedib-qayıtmışdır. Üçüncü. Bu gün axşam ərzi-hallara baxılacaqdır. Tez zayavleniye yazdır ki, bu gün ona da baxılsın. Yoxsa bu da qalar bir həftədən sonraya. Qız. Nə yazım? Üçüncü. Alınız bu kağız, bu çernil, bu da qələm. Buyurunuz, oturunuz. Ikinci (girərək, qıza). Sizin kağızınız hazırdır. Sabah on beş günlük gedə bilərsiniz. Qız. Bəs kontrol komisyonuna getmək?.. ikinci. Daha istəməz. Bir ay yarım bundan əvvəl buraxılmışdı. Hələ onunla düzəltdi. Əhməd (girərək). Yoldaş, bağışlayınız, səkkizinci otaq hansı tərəfdədir? On birinci otaqdan dedilər səkkizinci otağa get. Üçüncü. Bura spravoçni deyil ki, 8-ci otaq 5-ci mərtəbədə. Əhməd. Mən üçüncü mərtəbəyə çıxmışdım. Dedilər 1-ci mərtəbədədir. Vallah, gözlərim qaranlıq gətirir. (Deyə çıxır) Qız. Yaxşı, bunun cavabı nə vəqt olacaqdır? Üçüncü. Bu gün axşam. Getsin həkimə, kağız alsın ki, yanımıza göndərilir. Sabah o kağızı da gətirərsiniz, cavabı da hazır olar. Əhməd. Yoldaş, bağışlayınız on dördüncü otaq buradır? ikinci. Dedilər sənə ki, bura on altıncı oradadır. Əhməd. Beşinci mərtəbədən yenə göndərdilər ki, birinci mərtəbəyə ki, on dördüncü otaqdadır. İkinci. On dördüncü otaq dördüncü mərtəbədədir. Fərqi yoxdur, artıq vəqt keçib, baxmazlar. Sabah gəl. Əhməd. Ay balam, ay müsəlmanlar, ay cuhudlar, ay ermənilər, ay uruslar, ay moltanılar, mən öldüm ki. Bu qədər də tuda-suda olar? (Çıxır) Qı z. Yaxşı da, siz qalırsınız, mən hələlik. Üçüncü. Yox, yox. Artıq biz də gediriz. Dördüncü. Gedək, söhbəti yolda bitirəriz. Beş in ci. Yaxşı, gedək. (Hazırlaşırlar, bayıra çıxarkən Əhməd girir) Əhməd. Yoldaş, dedilər ki, on altıncı otağa getmək lazımdır. İkinci. Yaxşı, artıq vəqt keçmişdir. Sabah tezdən gəl, görək nə olmuşdur. Əhməd. Ay başına dönüm, dedilər bu gün məsələyə baxılacaq. Sonra bir həftə yatar. Axı mən naxoşam. Ay yarımdır əldən, dildən düşmüşəm. İkinci. Fərqi yoxdur. Artıq vəqt keçmiş, hamı çıxıb getmişdir. Sabahdan gündə gəl. Əhməd. Ay canım, belə də iş olar?! (Hamısı çıxırlar) Xəlq bir dəfə gedib, bir də gedir. Yenə gedəcək. (Süpürgəçi qadın girir) Mən hələ bir kağızı düzəldə bilməyirəm. Süpürgəçi. Hamı gedib sən burada nə gəzirsən? Əhməd. Ay başına dönüm, mənim dərdimə bir çarə eləyin. Vərəmliyəm, həkim deyir iki aya ölərsən. Mən hələ ay yarımdır zafkomdan doktora, doktordan rayona, rayondan damkoma, damkomdan zafkoma, imdi iki həftədir ki, oradan iş çıxıb, surxavoya. Burada da o mizdən bu mizə, bu mizdən o mizə; bu otaqdan o otağa, o otaqdan bu otağa. Birinci otaq, on altıncı otaq, on beşinci otaq, yeddinci otaq, o miz, bu miz, bu gün, sabah. Bir baxan yoxdur. Deyirlər on səkkizinci otağa. İki gün axtarmışam. Axırda məlum olub ki, heç bu idarədə on səkkizinci otaq dibindən olmayıb. Süpürgəçi. Daha vəqt keçib. Eybi yoxdur. Sabah gəl, düzəldərik səninçün. (Deyə süpürməyə başlayır) Əhməd. On beş-on altı, ora-bura, bu gün-sabah. Lənət sənə kor şeytan! (Deyə çıxır) Konferansye. Sığorta kassasında olan bəzi belə xidmətçilərə, doğrudan da Allah əcr versin. Çox zəhmət çəkirlər. Və belə ki, bunlar tutublar, inşallah Əhmədin axırı bir yerə çıxar. Ya zəlzələdən, ya vəlvələdən. Kişi getdi, biz də dalınca gedək. Görək tibbi kontrol komisyonunda nə elədi? Tibbi kontrol komisyonu Doktorlardanbiri (Birinci xəstəyə). Nəyin ağrıyır? Birincixəstə. Doktor mənim ürəyim bulanır. Dizlərim kəsilir, gözlərim qaralır. Bir yerim ağrımayır. Ancaq beş dəqiqə ayaq üstə gəzsəm, o saat başım gicəlir, yıxılıram. Doktor (baxdıqdan sonra). Sən səlamətsən Get, hələ işlə sonar baxarız. Birinciişçi. Doktor, ayaq üstə dura bilmirəm. Doktor. Bir-iki gün işlə, sonra baxarız. O biri kimdir? (Kağıza baxır) Həsən Qurban oğlu. Haran ağrıyır? İkincixəstə. Doktor, ayağıma dəmir düşüb, tərpədə bilmirəm. Doktor (baxdıqdan sonra). Eybi yoxdur. Bir az işlətmə iç, get işivün dalınca. Sonradan baxarız. O biri kimdir? İkincixəstə. Doktor, necə iki gün işlə? Ayağımı tərpədə bilmirəm. Gələndə də hammalın dalında gəlmişəm. Doktor. Zərəri yoxdur, işə də bir-iki gün hammal ilə get. Sonra baxarız. O biri kimdir? Rəhim Kazım oğlu. Haran ağrıyır? Üçüncü xəstə (olduqca zəif, sarıbənizli, ölümcül bir xəstə). Doktor hər yerim ağrıyır. Ürəyim, başım, bədənim. Gecə-gündüz qızdırma içində yanıram. Helə-belə işə gedirdim. On gündür ki, əlimə də şalman düşübdür, yaralanmışam. Doktor (baxdıqdan sonra). Aha, aha, sənin əlin zarajeniye olub, ho çəkib. Gərək müalicə olunsun, yoxsa əlin kəsilər. Get müalicəyə. Üçüncüxəstə. Bəs gərək mən işə kağız aparım. Doktor. Hə, gərək sən işdən azad ediləsən. (Katibə) Bu xəstə üçün yaz, işdən azad etsinlər. Katib. Nə qədər, neçə gün? Doktor. Nə qədər. E... e... yaz on səkkiz dəqiqə işdən azad edilməlidir. Katib. Nə vəqtdən? Doktor. On səkkiz dəqiqə, sabah naharda, o biri kimdir? Haran ağrıyır? Dördüncüxəstə. Doktor, əlim. Doktor. Dur baxım. (Əlini burunca xəstə bağırır). Dördüncüxəstə. Vay, vay, vay öldüm, dəymə vay, dəymə. Doktor. Aha, sənin işin çox ağırdır. (Katibə) Bunu işdən azad etsinlər. Dördüncü xəstə (yoldaşına). Düzəldi. Əlüstü kağızı alım. Bir həftə yazsa, Qasımgilin işini tamam-kamal qurtarıb təhvil verərəm. Doktor. Əlini qoy bir də baxım. (Baxmaq istədikdə) Beşincixəstə. Adə qoyma əl vursun, qışqır, bərkdən qışqır. (Xəstə bağırır) Doktor (katibə). Yaxşı, yaz ki, bu xəstəni işdən azad etsinlər. Ka tib. Yazdım, ancaq nə qədər? Doktor. Qolunu heç yerindən tərpədə bilməyir. Yaz bir ay. Dördüncü xəstə. İşlər düzəldi. Bir ay başqa yerdə işləyib, işdə də məvacib alacağam. Doktor. Al, bir ay işdən azadsan. (Kağızı vermək istədikdə yerə buraxır. Dördüncü xəstə sevincdən əlini uzadıb kağızı qapır. Doktor kağızı əlindən alaraq katibə) Ala, bu kağızın vəqtini düzəlt. Katib. Nə qədər yazım? Doktor. Yaz, sabah işdən çıxandan sonra on altı saat azaddır. O biri kimdir? (Şişman, sağlam bir nəfər girir) Haran ağrıyır? Beşincixəstə. Doktor bədənim zəifdir. Qanım azdır. İşləyə bilməyirəm. (Doktor baxır) Doktor. Yaz, yoldaş iki ay işə gedə bilməz. Yayda gələrsiniz. Gərək siz Kislovodskə gedəsiniz. O biri kimdir? (Təkrar ölümcül bir xəstə girir) Haran ağrıyır? Altıncıxəstə. Doktor, taqətsizəm, qızdırmadan göz aça bilmirəm. Doktor. Yaz, bu da dörd saat işdən buraxılmalıdır. Əhməd bir əlində əsa, o biri əlilə də bir başqasından yapışmış olduğu halda, sürünərək girir. “Cəlali-xaliq” havasında oxuyur. Əhməd. Vərəm məni saldı əldən, Sarsıldı vücudum təməldən, Qurtarmıram gethagəldən – hələ Dərdimə dərman olunmaz. Zafkoma getdim yubatdı, Doktor işi çox uzatdı, Bilmirəm bu necə zatdı – hələ Dərdimə dərman olunmaz. Aprel keçdi, may da keçdi, Gün dolandı, ay da keçdi, Yaz qurtardı, yay da keçdi – hələ Dərdimə dərman olunmaz. Payız keçdi, dağ-divardan, Qış gəldi, yer dondu qardan, İmdi qış da keçdi yarıdan – hələ Dərdimə dərman olunmaz. Rayon işim ləngə saldı, Surxavayda üç ay qaldı, Yaylaq da çoxdan boşaldı – hələ Dərdimə dərman olunmaz. Doktor. Oçereddə adam çoxdurmu? Daha kimsə qəbul edilməyəcəkdir. (Əhmədə) Haran ağrıyır? Əhməd. Həkimbaşı, vərəmliyəm. Doktor mənə yazmışdır ki, iki aydan artıq Bakıda qalsam ölərəm, gərək yaylağa gedəm. Doktor. Çox gözəl, kağızın var? Əhməd. Bəli, var. (Verir) Doktor. Bu kağız yaramaz. Çünki vəqtindən altı ay keçmişdir. Əhməd. Doktor, kağızı aldım, orada bir neçə vəqt, surxavay dəftərxanasında bir neçə ay, rayonda bir-iki ay, damkom, yenə zafkom... Xülasə, keçən yazdan başlayan, imdi qış yarıdan keçib, ancaq gəlib buraya çıxmışam. Katib. Daha, Bakı bütün yaylaqlardan yaxşıdır ki, qışın yarısında nə yaylaq?! Xəlq üç aydır qayıdıb gəlmişdir. Əhməd. Bilməyirəm, döşümdən qan açılmışdır. Baxınız, necə lazımsa, o cür eləyim. Doktor (katibə). Artıq xəstəlik öz işini görmüşdür. Yenə getsin, görək nə olar. (Əhmə də) Çox gözəl, sənin yaylağa getməyin lazımdır. Ancaq apar bu kağızı təzələ, doktordan başqasını al, zafkom da qol çəksin gətir. Yoxsa bu kağızın vəqti keçibdir. Əhməd. Ay doktor, axı mən tərpənə bilməyirəm. Onu da qonşunun köməyi ilə gəlmişəm. Əhməd in qonşusu. Doktor, bu yazıq yeddi aydır bu qapılarda can çəkişir. Nəhayət, buna bir çarə ediləcəkmi? Siz ki, görürsünüz naxoşdur, işi bitmişdir. Daha nə vəqti keçibdir, nə təzə kağız? Doktor. Çox da mən görürəm. Yoldaş, hiddət lazım deyildir. Müəyyən bir qayda, bir qanun vardır. Qayda-qanunsuz iş olmaz. Əhməd. Doktor, başına dönüm, mənim nəfəsim gəlməyir. Doktor. Olmaz, olmaz. Kağızı təzələ, sabah da zavoda gəl, qurtarsın getsin. (Bu halda bir nəfər içəri soxulur.) Yeddincixəstə. Doktor, mənə deyirlər gərək mən yaylağa gedəm. Çünki çox zəifəm. Doktor. Kağızın var? Yeddincixəstə. Var, var. Doktor (alıb baxır). Çox gözəl. Hər şey yerindədir. Yaz bu yoldaşı yaylaq komisyonuna. İmdidən gələn yay üçün yer tutsun. (Əhmə də) Bax, sən gərək bu kağızdan alasan. Tez get al, sonra gəl. Əhməd. Doktor, qurban olum sənə, vallah gözüm qorxub. Məni öldür, bir də geri qaytarma. Doktor. Yoldaş, olmaz axı. Mən qanunsuz iş görə bilmərəm. Hər şeyin bir qanunu, qaydası vardır. Sabah təftiş gəldi nə deyəcəm. Get yazdır, sonra gələrsən. Əhməd. Get yazdır gəl, pozdur get. Lənət sənə kor şeytan. (Deyə çıxır) Yaylaq komisyonunda Əhməd pək zəif, kürk geyinmiş olaraq dayanmışdır. Kom is yon sədri. Zavallının vərəm ciyərlərini dağıtmışdır. Səkkiz aydır onu bu gün-sabah salmışlardır. Böylə də iş olurmu? (Əhmə də) Neçin sən orada etiraz etmədin? Əhməd. Qurbanın olum, nəfəsim gəlməyir. (Öskürür) Danışmayıram, kimə deyəydim. Hər kimə deyirdim, deyirdi mənim işim deyil, o biridir. Axırda da deyirdilər, get sabah gəl. Gələn həftə gəl, hamı sənin kimi deyil ki, başına dönüm. Sədr. Sən gərək səkkiz ay bundan əvvəl yaylağa gedəydin. Bu lap ağdır. Mən sabah bu məsələni yığıncaqda qaldıraram. Al, sən apar, de bu kağıza möhür vursunlar, gəl işini düzəldək. Əhməd. Harada möhür vursunlar, başına dönüm? Sədr. Sığorta Şurasında. Çünki kağızı yazıblar, amma möhür vurmayıblar. Əhməd. Qurban olum sənə, yəni mən yenə ora gedim? Sədr. Ora, ora. Çünki kağız yaxşı yazılmamışdır. Əhməd. Yenə yaxşı yazılmamışdır? Sədr. Bəli, bəli, yaxşı yazılmamışdır, yaxşı yazılmamışdır! Əhməd. Mən daha ayağımı kandarda qoymayacağam. Veriniz, atam, kağızımı. Ürəyim döyünür, nəfəsim də darıxır. Qoy gedim evimdə rahatca ölüm. Mənim daha bir də oraya getməyə taqətim qalmamışdır. Sədr. Yoldaş, axı qanunsuz iş görmək olmaz. Mən də görürəm sən xəstəsən, gərək tez gedəsən. Axı bir qanun-qayda da vardır. Həmkarlar nümayəndəsi. Canım, sən özün süründürəndən şikayət edirsən, özün də kişini süründürməyə salırsan. Haraya göndərirsən onu? Görməyirsən ki, kişi tərpənə bilməyir? Sədr. Di yaxşı, onda get dur bayırda. Mən kağızı yazdırım. Əhməd. A yoldaş, bir ay doktor, üç ay zafkom, dörd ay surxavay, iki ay banlerol qəmisiyəsi, bir aydır da buraya gəlib-gedirəm. Nümayəndə. Yaxşı, yoldaş, daha bigüman, yazılar, arxayın ol. Sədr. Yaxşı, sən bir az bayırda gözlə, yazsın. Oçeredin çatanda çağırarlar, gəlib kağızını alarsan. Sonra gedib pulunu alarsan gedərsən. Əhməd. Pulu haradan alacağam? Sədr. Sığorta kassasından. Buradan kağızı alarsan, gedərsən sayozgizə, oradan kağız alıb gedərsən sığorta şurasına, orada da təsdiq edərlər, gedərsən kassaya, oradan da kağızlarını yazıb yola salarlar. Əhməd. Vay dədəm, vay. Yenə zafkom, kassa. Yenə on beş ay get-gəl. Vay dədəm, vay. (Bayıra çıxır) Sədr. Bu adam mühəqqəq gərək Yaltaya getsin. Onsuz da vəqti keçib, orada bəlkə bir şey oldu. Katib. Qurban Səməd oğlu. (Xəstə girir) Al, bu kağızınız, gediniz sayuza, oradan da sığorta şurasına. (Xəstə çıxır) Sədr. Bu nə oldu? Növbədəduranlardan biri. Hələ buradan çıxdı. Gəldi durdu növbədə, başladı öz-özünə danışmağa; təzədən soyuz, zafkom, damkom, həkim, rayon, kassa, surxavay... Vay dədəm vay – deyə birdən yıxıldı öldü. Sədr. Yəni lap öldü? Növbətçi. Öldü də, görmürsən ki, öldü?! Nümayəndə. İmdi bu haraya aparılacaqdır? Sədr. Yox, yox, aparmaq olmaz. Gərək bəratəl-qövl yazılsın. Yoxsa qoymazlar basdırmağa. Növbətçi. Kişi daha öldü, qurtardı. Necə qoymazlar basdırmağa? Yəni ölüsünü də dəftərdən-dəftərə, mizdən-mizə salmaq lazımdır? Sədr. Yoldaş, müəyyən bir qayda vardır. Qaydanı pozmaq olmaz. Bəratəlqövlsüz yaramaz. Növbətçi. O da yaxşı sözdür. Yoxsa basdırmaq üçün surxavaydan pul verməzlər. Onda siz yazınız, biz də gedib evlərinə xəbər verək, gəlib aparsınlar. Sədr. Əlbəttə, əlbəttə. Bəratəl-qövlsüz, şəhadətnaməsiz sığortadan pul verməzlər. Növbətçi. Yəni iş ki, sığortaya düşdü, bu gün-sabah qiyamətin özünədək basdırılmamış qalacaqdır. Nümayəndə. Canım, daha yazığın ölüsünü təzədən bu günsabaha salmayınız. Tez yazınız, buradan göndəriniz kassadan alıb gətirsinlər. Növbətçi. Yazıq öldü. Allah rəhmət eləsin. Pərdə Konferansye. Əhmədin yola düşmək vəqti yaxınlaşırdı. Doğrudur, çox zəhmət çəkdi, eybi yoxdur. Gedib lazımi yerində dincələr, hamısının ağrısı canından çıxar. Lap elə yaxşı deyiblər ki, o olmasın, bu olsun. Yaylaq olmasın, qəbiristanlıq olsun. Hər ikisində adam dincəlir. Bu yazıq əlləşdi, bir iş görə bilmədi. Amma elələri də olur ki, güc ilə yaylağa göndərmək istəyirlər, amma xəstə getmək istəmir. Siz ola bilər ki, buna inanmayırsınız. Odur ki, mən istəyirəm ki, siz öz gözlərinizlə görəsiniz. * * * 2000 pərdə Əhvalat vaqe olur Bakıda, “Kommunist” qəzeti idarəsində. Səhər alaqaranlıqda. Pərdə açılınca səhnədə kimsə görünmür. Tərcüməçilər otağının açıq pəncərəsindən qatışıq bir taqım gurultular eşidilməkdədir. Səhnəarxasındansəslər. Yaxşı alma! Yaxşı alma! Yablok X o roşi! Taza kök, isti qutab! Ay uşaq, milis gəlir! Isti noxud! Adə, milis gəldi... (Bu qarışıq gurultular oyunun sonunadək mütəmadi davam edir). Bu aralıq geniş kürəkli bir tatar arvadı şotka və xəkəndaz ilə içəri girir və ağzında mızıldanaraq, otaqları süpürməyə başlayır. Ardınca çiynində süd vedrələri asılı olmaq üzrə bir rus qadını girir. Südçüqadın. Tovariş Aqakişiyev zdes? Şəmsülnisa. Yoxdur, yoxdur... Neto! Südçüqadın. Seqodnya u vas poluçka? Şəmsülnisa. Neto, neto... Bu aralıq NemətBəsir bir ayağının çəkmə corabı əlində olaraq və cilitkəsinin düymələrini keçirərək, içəri girir. Açıq qapıdan görünən ikinci otağa girib geyinməyə başlayır. İçəri otaqdan dəhşətli bir gurultu qopur. Əhməd. Çortovoy materi... Bərbad ediblər. Ali! Məmmədəli! Əhməd Bədi yataqdan sərasimə qalxmış bir vəziyyətdə bir ayağında nəleyin, o biri ayağı yalın və əynində təkcə bir köynək, əlində bir qəzet (Fransın əlində şamdan olaraq çıxdığı kimi) bir həyəcanla qapıları çırparaq və öz-özünə söykənərək, içəri girir. Əhməd. Çortovoy materi! (Nəhayət, Neməti görüncə acıqlı bir səslə) Nerdə bu adamlar? Nemət Bəsir (ölgün bir sakitliklə). Bilmirəm. Gəlməyiblər. Əhməd. Bərbad etmişlər. Xalturşiki. Ali! Azim! Məmmədəli! Çortovoy materi! (deyə söylənərək, o biri otağa girirkən bir nəfər rus qadını onunla qarşılaşır.) Rusqadını. Tovariş, qde vaş sekretar qazetı? Əhməd. A şto? Qad ın. Sekretar, sekretar! Əhməd. Ya! Nu?.. Qad ın. A tovariş Aqakişiyev? Slovom, seqodnya u vas poluçka budet!.. Əhməd. Ne znayu, nu!.. (O biri otağa keçir və mütəmadiyən səsi eşidilir.) Ali! Məmmədəli! Yəqub! Akif! Fatma! Azim! Çortovoy materi! Bərbad ediblər. Tamara Dmitriyevna qoltuğunda bir yığın qəzet içəri girir və tez soyunub peçə doğru qaçır. Tamara Dmitriyevna. Opyat ne qorit! Pryamo bezobraziye (Pudramudrasını çıxarıb boyanmağa başlayır.) A k if (əlində bir stəkan çay və yarım çörək olaraq içəri girir; otaqları gəzdikdən sonra Nemətə yanaşır). Heç kəs gəlməyib (deyə keçir və otaqları gəzib kimsəni görmədiyindən Nemətin yanına qayıdır.) Xəbərin yoxdur ki? Axşam burada qiyamətdi! Nemət (soyuq bir maraqla). Yox. Nolubdur? Akif. Gecə bir qiyamətdi ki, səkimizin üstündən iki piyan urus keçirdi. Hələ qapımıza çatanda birdən biri valayladı, qapımıza toxundu. Az qalmışdı yıxılsın. Sonra gördü mən baxıram, düz getdi. Əzim kamali-səliqə ilə içəri girib, şeylərini qoyur və əlləri cibində otaqları gəzməyə başlayır və Nemət Bəsirə yanaşaraq. Ə z im. Nemət! Spişkə varındır, bir-iki dənə ver. Köpək oğludur yalan deyən, göndərmişəm, hindi gətirərlər, verərəm sənə. Ak i f. Əzim! Yallah, yallah! Xəbərin yoxdur ki? Axşam qiyamətdi. Küçədə iki piyan urus keçirdi. Biri vayladı, qapımıza dəydi. Gördü mən baxıram, düz getdi. Ə z im. Yağın o nisyə içib... Görəsən bu gün pul verəcəklər? Pryamo bezobraziye. Şopenğauer yaxşı deyir ki, adamın pulu olmayanda iştahası da olmur. Səhər-səhər çay içməmiş gəlmişəm. O arvad hanı? Şəmsülnisa! (Çağırır.) Ak i f. Ay Əzim! Bu Şopenğauer hansı kitabda deyir? Ə z im. Köpək oğludur yalan deyən. Get oxu da. Nəyə gülürsən? Hi... hi... sən malçişkasan, yumurtadan dünən çıxmışsan. Cavadlı içəri girib oturur. Akif onun yanına qaçır. Ak i f. Oho! Yallah, yallah! Xəbərin yoxdur ki? Qiyamətdir. Əzim deyirdi Şopen... nə bilim nəmənə, nəmənə. Deyir ki, adam acıyanda iştahası olmur. Dedim ay Əzim, bu harada yazılıb? Cinləndi. Qiyamətdir. Hə, xəbərin yoxdur ki? Axşam iki piyan urus keçirdi... Nemət. Cavadlı, materialı gətirdin? Ca vadlı. Yox, hələ bundan sonra tərcümə edəcəyəm. Abdulla Şərifov içəri girir və Cavadlıya yanaşaraq. Şərifov. Ha. Cavadlı, şübhəsiz gəlmişsiniz. Bu balaca bir materialdır. Şübhəsiz, iqtibas təriqilə bir neçə sətir çıxararsınız, ha... Ca vadlı. Ay Abdulla əfəndi, burada səkkiz yüz sətir materialdır; balaca harasıdır? Şərifov. Ha. Şübhəsiz, iqtibas təriqilə... Ə z im. Bu gecə kim idi? Ştrezemanın altında yazıb çinli qadın, çinli qadının şəklinin altında Ştrezeman. Qəzet əlində o biri otağa gedir, o biri qapıdan Məmmədəli əlləri pencəyinin cibində içəri girir. Məmmədəli. Qeyd nömrəsi burdadır. A k if (qaça-qaça gəlir). Adə, vaxsey, vaxsey... Xəbəriniz yoxdur ki? Qəzetin atasını yandırıblar. Kişi altına arvad qoyublar, arvad altına kişi! Kişi şəklinin altına arvad adı, arvad adı altına kişi adı çıxıb. Vaxsey, vaxsey! Hindi Əhməd qiyamət qoparacaq!... Məmmədəli. Hanı o qəzet? Yəqin genə sterotipçi kefli imiş, şəkilləri qatışdırıbdır. Bu vaxtadək gələn adamların hamısı otağın bir qapısından girib o biri qapısından çıxırlar. Çadralı bir qadın içəri girir. Qad ın. Ay qərdəş, burda kimə şikayət eləyirlər? Ca vadlı. Nə şikayət? Qad ın. Mənim kişim gedib bir başqa arvad alıb. Indi... Ca vadlı. Yaxşı, o biri otağa gediniz. Əməkçi şöbəsinə. Gəliniz göstərim... Durub qadının qabağına düşür. O biri qapıdan iki kəndli girir, Əzimə təsadüf edir. Kəndli. Burada qazut harada yazırlar? Ə z im. Nə qəzet? Kəndli. Bizim kənddə yerimiz var. Bax, belənçik. Meşənin... söz gəlişi, sağ böyründən... Məsələn, bu yerdir... bu da... bir nəfər Hacı Xudabaxış vardır, özü də keçmişdə kəndxuda olubdur... Ə z im. Bilirsiniz, siz Şuralar Azərbaycanına gediniz. Kəndli. Hara gedək? Biz qazut yazdırmaq istəyirik. Əzim. Yaxşı da, o biri otağa gediniz də. Gəliniz buraya... Kəndli. Allah atana rəhmət eləsin. Əsəd və Cəfər vuruşaraq girirlər. Əsəd. Mən orasını yaxşı bilirəm ki, Bethoven heç dibindən kompozitor deyil. Cəfər. Mən də orasını yaxşı bilirəm ki, sən özün heç dibindən yoxsan. Əsəd. Tarsız olmaz! Cəfər. Olar! Əsəd. Deyirəm sənə olmaz! Cəfər. Deyirəm sənə olar! Məmmədəli. Adə, nə vurhavurdur genə? (İçəri girir.) Deyir bəs Qlier kontrabasda çargah oxuyur, hə? Niyə, yaman olmaz! A k if (qaçaraq). Xəbəriniz yoxdur ki, bir arvadın əri gedib bir də arvad alıbdır... Yazı (başını qapıdan çıxarır). Tahirov, telefon! Cəfər (oxuyur). Bir də bəlaya salma məni, çox bəlaliyəm! Məmmədəli. Konsert başlandı ha? Bu, Qlier çargahıdır oxuyursan ha? Necə deyir onu? M ir heydər. Cəfər, telefona! (İçəri girərək) Telefona! Ak i f. Məmmədəli, arvad telefona çağırır. M ir heydər. Əsəd, telefona! Cəfər (qayıdaraq). Bir də bəlayə salma məni, çox bəlaliyəm. Çoxdandır aşiqəm sənə, amma həyaliyəm. Ya z ı. Cəfər telefona! Ca vadlı. Görəsən bu gün sətir hesablarımızı verəcəklər? Ə z im. Köpək oğludur yalan deyən, heç spişka almağa pulum yoxdur. Məmmədəli. Düzəldərik sizin üçün. Birnəfərşəkili. Əbdülrəhim Ağakişiyev gəlitdi? Ca vadlı. Əbdülrəhim yoxdur. Məzuniyyətə gedibdir. Şəkili. Ha bi belə də iş olumu? Üç aydı borcludu. Ha bu gün, ha sabah. Mənə deyitdi bu gün idarəyə gəlim. Özü qoyutdu geditdi. Ca vadlı. Ağakişiyev üç gündür yola düşüb getmişdir. Məmmədəli. Hə, Qlier necə oldu? Cəfər necə oldu? Cəfər (bayırdan gələrək). Mən sənə deyirəm Hüseynağanın səsi yaxşıdır. Əsəd. Mən də sənə deyirəm Bülbülün səsi yaxşıdır. Cəfər. Bülbül heç dibindən oxuya bilmir, özü də heç dibindən artist deyil. Əsəd. Mən də sənə deyirəm Hüseynağa heç dibindən oxuya bilmir, özü də artist deyildir. Məmmədəli. Genə boğuşma başlandı ha!.. Xəlil. Yox. Şübhəsiz, mən bu gün bir münəqqid kimi, bu iki nəfərə baxdıqda hər ikisində müəyyən yaxşı cəhətlər və müəyyən nöqsanlar olduğunu görürəm. Əsəd. Mən sizə deyirəm Hüseynağa artistlikdə də, səsdə də Bülbüldən yaxşıdır. Cəfər. Mən də sizə deyirəm. Bülbül oynamaqda da, səsdə də Hüseynağadan yaxşıdır. Əsəd. Hüseynağa yaxşıdır! Cəfər. Bülbül yaxşıdır! Məmmədəli. Adə, bir dayanın görək kim kimi deyir yaxşıdır. Ca vadlı. Adə, ay evinizi Allah yıxsın, artistləri dəyişik salmışsınız hey... Şərifov. Ha... yoldaş... Cavadlı, məqalə, şübhəsiz, bitdi. Ca vadlı. Haradan. Heç başlamamışıq ki... Şərifov. Ha... yoldaş Cavadlı, şübhəsiz saat on ikidir. Material gec qalacaq. Məmmədəli. Tələsmə, qəzet vaxtında çıxacaq. Xəlil. Heç şübhəsiz, bunların ikisi də artistdir. Və mən, bir zritel kimi baxanda bunların hər ikisindən bir zövqi-bədii ala bilirəm. Lakin mən bunlara bir münəqqid kimi baxdığımdan... Əsəd. A kişi, Hüseynağa nə artistdir? Cəfər. Bülbül nə artistdir? Məmmədəli. Adə, genə artistləri dəyişik saldınız, bir bilmədik kim kimi yaxşı deyir? Ak i f. Xəbəriniz yoxdur ki?.. Xəlil. Şübhəsiz, bu gün biz Hüseynağa və Bülbülü Avropa aktyorları ilə qiyas edəcək olursaq, bəlkə də heç birinin aktyor olmadığı mühəqqəq görünmüş olur. Lakin... Ak i f. Necə? Nöşün? Hər ikisi yaxşı artistdir. Əsəd. Hər ikisi xarabdır? Cəfər. Hər ikisi yaxşıdır! “Yaxşıdır”, “xarabdır” – deyə ümumi bir gurultu qopur. Əhməd. Pryamo xalturyat. Çortovoy materi! (Əlində qəzet olaraq içəri girir, qəzeti stol üstə ataraq) Nə bu? Qəzetəyi bərbad bir hala salmışsınız. Hələ mahsusu dilimlə ismarlamışam. (Kimsə danışmır.) Burda şəkilləri qatışdırmışsınız. Burda yoldaş Çemberlen yazmışsınız. Kim bunu yazdı? Pauza. Cəfər. Cavadlı, o qrankalardan bir-ikisini mənə, məqalələr tökülüb qaldı. Əhməd. Pryamo xalturit eləyirsiniz... Kim bunu yazdı? Yoldaş Çemberlen... Ca vadlı. Xəlil, o bıçağı mənə, bu karandaşı çərtim. Əhməd (getdikcə qızışaraq). Biri yazır yoldaş Çemberlen, biri Hindistan imperializmi... kim bunu yazdı? Əsəd. Cəfər, o bıçağı bəri ver, dekretlər qaldı. Əhməd. Burada çinli qadının şəkli altında Ştrezeman... Hələ dilimlə tapşırmışam! Məmmədə li. Cavadlı, o göy karandaşı mənə, qeyd nömrəsini yazım. Əhməd. Çortovoy materi! Qeyd nömrəsi! Məmmədəli! Mən söz diyorum. Sanki eşitmir. Məmmədə li. Sən mənə deyirsən? Hə, nə olub ki?.. Əhməd. Mən dəmindən zurna çalırmıyım? Bunu kim yapdı? Məmmədəli. Bu gecə mən deyildim növbətçi, Qədirdi. Əhməd. Cafer, kim bunu yazdı? Sənmi yazdın? Cəfər. Nəyi? Əhməd. Nəyi? Dəmindən bağıryorum, partlıyorum, hələ indi soruyor nəyi? Yoldaş Çemberleni! Cəfər. Mənim xəbərim yoxdur. Əhməd. Əsəd, sənmi yazdın? Əsəd. Nəyi? nədir o? Əhməd. Yahu, partlayacağım gəlir. Nəyi?! Zəhrimarı!.. Əsəd. Mənim xəbərim yoxdur. Əhməd. Cavadlı, həpsindən ayrı-ayrımı sorayım? Kim yazdı? Ca vadlı. Mənim xəbərim yoxdur. Əhməd. Sən yazmadın... sən yazmadın... Kim yazdı? Qapılarmı yazdı? Mənmi yazdım? Tap pojalusta arjinalı! Ca vadlı. Mən dünən Çemberlen yazmışam, amma yoldaş sözü yazmamışam. Cəfər. Mən də Çemberlen yazmışam, amma yoldaş sözü yazmamışam. Əhməd. Yaxşı, yaxşı! Qəbahət məndə. Əli Kərimov. Razaydis, strelyat budu! Əhməd. Pryamo bezobraziye! Xalturyat... Məsuliyyət mənim boynumda qalacaq. Çortovoy materi! Ya zautra naçnu inaçe. Birrusqadını. Tovariş, qde vaş redaktor? Əhməd. Kakoy redaktor? Qad ın. Tovariş Aqakişiyev! Ə z im. Tovariş, on redaktor vozduşnoy qazetı. Əl i. A redaksiya yeqo u neqo mozqu na pravom poluşarii. Əhməd. Gör, ada, köpək oğlunun qoduğu nə xalet ediyor? Habib Almaniyada oturmuş, bunun burada yediyi nanaya bax! Qad ın. Slovom, on mne doljen za... Əl i. On uyexal! Əhməd. Yaxşı, yaxşı! Al pojalusta... Ca vadlı. Vaxsey, neçə səhifədir o? Əsəd. 28-ci səhifə. Bu haçana olacaq? Əhməd. Bu günə! Cəfər. Balam, bunu bir gündə eləmək olmaz ki! Əhməd. Nikakix! Polnosti gedəcək. Sadə dildə. Al, Cavadlı, sən də bu teleqramları! Telefon zəngi çalınır. Əl i. Məni çağırsalar, de yoxdur. Ak i f. Əli... telefona!.. Əl i. Genə kimdir o? Deyəydin yoxdur də. (Gedir.) Əhməd. Al bunu da! Polnosti gedəcək. Ca vadlı. Bu da otuz səhifə. Qaldıq gecəyə. Bağır. Alın bu iki məqaləni bir tərcümə eləyin. Əsəd. Heç yeridir! Onsuz da bir dünya iş var. Əhməd. Al pojalusta bunu da... Cəfər. Uşaqlar, durun gedək, Qədirə deyək pul versin, kabablayaq. Iş ciddiləşdi. Cavadlı, keç stolun altına. Əsəd. Deyək hələ sətr hesablarını versin də... Ca vadlı. Doğrudan, balam, altı gündür vaxtından keçir ki... Qədir girir içəri. Qədir. Yoldaş Əsəd, onları qoy yerə, tez bir bu elanları tərcümə elə getsin. Ca vadlı. Yoldaş Qədir, bu gün ayın... neçəsidir? Bu vaxtadək... Qədir. Ay uşaqlar, hansınızda bir on manat var? Kassada bir köpük də yoxdur. Qalmışam məəttəl. Ə z im. Qədir, köpək oğludur yalan deyən, heç bir köpüyüm də yoxdur. Özüm də... Qədir. Gör Cavadlıda var, beş-altı şahı al, bir-iki günə düzəldərik. Ə z im. Qədir, it oğludur yalan deyən. Həzrət Abbas haqqı, atovun goru üçün, oğlanlarımın canı üçün bir köpüyüm də yoxdur. Heç olmasa altı şayı ver, papiros aldırım. Qədir. Oldu olmadı. Siz öləsiniz beş min manatlıq vekselim var. Mahmud Sadıqov (Qədirin çiyni üzərindən). Kassada siçan oynayır. A k if (qaçaraq gəlir). Xəbəriniz yoxdur ki? Əli telefonu sındırdı, trubkanı-zadı vurdu yerə. (Deyib qayıdır.) Qədir. Yaxşıdır də. Gündə ustaya bir ətək pul veririk. Ak i f. Adə, vaxsey, Əli genə dəli olub stolları qırdı çatdı. Əli (yüyürərək gəlib Məmmədəlinin boynuna sarılır). O Bayadera!.. (Oxuyur, Məmmədəlini öpür.) Məmmədə li. Dayan, ay Əli, iş rəsmidir. Əl i. Molçat!.. Laç!.. Vot tebe!.. (Şkafa bir təpik çəkir, üstündəki kağızlar tökülür.) Məmmə dəli (telefonu götürür). 10-40... Ya z ı. Ponedelnikdir. Smiritelni rubaşka götürüm. Əl i. Molçat!.. Vo...laç! (Onun ardınca qaçır, o biri evdən oxumasının səsi gəlir... Tamara Dmitriyevna) Məmmədə li. Qədir, mən mestkom olduğum üçün sənə deyirəm: bu gün əvvələn, məvacibləri ver! Qədir. Pul yoxdur, bu heç. Sonrasını de görək. Məmmədəli. Mən yoxdur-moxdur bilmirəm. Mən əmr etdim; gərək verilsin. Əli (girərək). Pravilno! Bravo mestkom! Ya kak çlen seksii rabprosa podderjivayu! I, trebuyu ot imeni mnoqomilyonnoqo, uqnetyonnoqo çeloveçestva və dəlixanada yaşayan bütün vətəndaşların adından trebuyu platit! A yesli ne seqodnya, to zavtra, yesli ne zavtra, tak altısında ver, yeddisində ver, səkkizində ver, doqquzunda ver, onunda, on birində... (və ilaxır sayır.) Məmmədəli. İkinci, peç üçün odun aldır! Mahmud Sadıqov (Qədirin çiyninin üstündən). Pul yoxdur, müsülman! Qədir. Yığışın hamınız bir otağa, nəfəsinizdən isti olsun. Məmmədəli. Sonra sətr hesablarını ver!.. Qədir. Mahmud, doğrudan, pulun var bir beş manat ver, iki min manatlıq vekselim var, gərək bu gün düzəldim verim. Mahmud. Oğlumun canı üçün ki, kassada bir qara qəpik də yoxdur. Əli Cəlilzadə (Mahmudun qoltuğu altından). Calaqoniya da pul gətirmədi. Sinkoqrafiya da pul üçün gəlmişdir. Qədir. Yaxşı də, düzəldərik bir-iki günə. (Deyə əkilir.) Cavadlı, C ə f ə r, Ə s ə d, Əzimov və başqaları (dalbadal). Əli, başına dönüm, bir yeri, bəlkə Qədirdən bir şey düzəldəsən, yoxsa cib boş, qarın boş baş da ki, boşalmaq üzrədir... Əl i. Yaxşı, siz işləyəsiniz, mən bu saat xəbər gətirim. (Gedir.) Ə z im. Ay uşaqlar, altı köpüyüm var, üstünə iki manat da qoy, bir dənə yaxşı limon, bir qutu manpası... Ca vadlı. Bir də bir avtomobil alaq, səni də mindirək içinə. Akif. Göndərək Moskvaya, istoriçeski redkostların arxivinə! Ə z im. Niçevo podobnovo! Mənim onsuz da muzeylərdə adım var. Gərək sənin özünü göndərək Ərdəbilə... Əsəd. Tutmadı, Əzim, nömrən tutmadı! Ə z im. Niçevo podobnovo! Mənim onsuz da muzeylərdə adım var. Göndərək, çünki... Əsəd. Sənin adını muzeyə kim buraxır. Mənim adım isə doğrudan da Moskva muzeyində vardır. Tərcüməmin afişasını divara vurublar. Hətta Leninqrad muzeyində də vardır. Xəlil. Mənim də muzeydə adım vardır. Hətta Almaniyada da vardır. Kitab kataloqunda yazılıb tərcüməçisi Xəlil İbrahim... Ancaq 1916-cı ildə yanvar ayının 18-də, cümə axşamı mən “Səda” da bir məqalə yazdım, onu 1916-cı il avqust ayında Parisdə “Pti Parisen” qəzeti tərcümə elətdirmişdi. Ancaq zəhrimar adımı yazmamışdı. Yandırdı tökdü məni! Cəfər. Əligil gec gəldi. Mən gedim bir xəbər gətirim. (Gedir.) Ca vadlı. Uşaqlar, türkcə necə demək traktovka? Ə z im. Hələ traktorlaşdırmaq. Əsəd. Yox, ada, avtomobilləşdirmək, ya da parovozlaşdırmaq. Ə zi m. Get, ada, malçişka! Nakonse konsev mən yüz dənə sizin kimi malçişkalara dərs verərəm. Cəfər (qaçaraq, dirijor vəziyyəti alır). Uşaqlar başlayın. Əsəd. Hansından? Cəfər. Şopendən. Əsəd bas ilə Şopenin yas marşını başlayır, Cəfər dirijorluq edir və Cavadlı bariton ilə səs verir. Xor ilə yas marşı. Ak i f. Vaxsey, Əhməd gəldi. Əhməd. Yahu, bu nə? Cəfər. Ə h m ə d, doğrusu, pulumuz yoxdur. Ca vadlı. Özümüz də ac. Əsəd. Vur öldür, artığını ver. Əl i. Qədir də, Mahmud da and içirlər ki, bir qara köpük də yoxdur. Əhməd. Necə yoxdur? Çağır pojalusta Qədiri! Yaqub! Əsəd Əyyubi. Yaqubu yumurta almaya göndərmişim. Allah bəlasını versin. Əhməd. Nerdə o birilər? Abuzər! Əsəd Əyyubi. Abuzəri içməli su gətirməyə göndərmişəm. Qadır para verməmiş, bizim suları qapamışlar. Əhməd. Yahu! Allah bəlasını versin, bu Şəmsülnisa nerdə? Əsəd Əyyubi. O da çay gətirməyə getmiş. Əsəd. Atam, Qədiri mən gedim çağırım da, təki o pul versin. (Gedir.) Əsəd Əyyubi. Durunuz hələ sizə bir şiir oxuyayım. O divar, o divar, o divarın dibində... Ə z im. Ac qarına bizim üçün çargah oxuyacaqdır. Ca vadlı. Olmaz ki, sonra oxuyasan? Əsəd Əyyubi. Yox, hələ ufacıq bir şiir. Cəfər. Di tez ol görək nə deyirsən! Əsəd Əyyubi. O divar, o divar o divarın dibində... O divar, o divar vız gəlir bizə, vız... A k if (qaçaraq gəlir). Xəbəriniz yoxdur ki?.. (Əhmə di görüncə birdən sözünü saxlayır və Əhmə də yanaşaraq) Əhməd yoldaş, xəbəriniz yoxdur ki? Axşam burada qiyamət idi. Səkimizdən iki piyan urus keçirdi. Biri valayladı, qapımıza dəydi. Gördü mən baxıram, düz getdi. Əhməd. Nə oldu? Bu Qadırın Allah bəlasını versin! Əsəd (girərək). Budur gəlirlər. Kontoru bağlayıblar, gedirlər. Qədir, dalınca Mahmud əlində açarlar, Əli, Əziz, Ruxsarə və Ləman gəlirlər. Hamısı da paltolarını geymişlər. Əhməd. Nerəyə böylə? Qədir. Ə h m ə d, cümə axşamıdır, saat ikidə kontor bağlanır. Ca vadlı. Hələ ikiyə 10 dəqiqə vardır ki! Qədir. Ə h m ə d, pul yoxdur, indi sinkoqrafiya da pul üçün gələcək. Ona görə bir az tez gedirik. Mahmud. Onsuz da kassada bir köpük də yoxdur. Oğlumun canı üçün ki... Əhməd. Nasıl yoxdur?! Baksovet vermədimi? Hidayət. Cəmisi yalvar-yaxar üç yüz manat pul qopara bilmişəm. Qədir. Ə h m ə d, hələ tutaq ki, var. Sinkoqrafiyaya pul verməmişik. Tipoqrafiya qalıb, ayın on səkkizinə də vekselim vardır. Əhməd. Gör, ada, ayın on səkkizinə hələ altı gün var. Çortovoy materi! Ver pojalusta bunlara pul!.. Qədir. Ə h m ə d, telefonların pulu qalıb, suyu kəsiblər!... Mahmud. Siz öləsiniz, köpəy oğludur yalan deyən... Əhməd. Ver pojalusta! Nikakix! Avans ver! Qədir. Yaxşı də, Mahmud, gör əlli manatdan-zaddan bəlkə düzəldə biləsən, verək, hələlik bölüşdürsünlər. Mahmud. Gedim görüm bəlkə bir otuz manat bir təhərlən düzəldim. Ə z im. Bəs səhərdən bir köpük də yoxdur? Mahmud. Siz öləsiniz, atamın goru üçün ki, onu da qayınatamın pulundan verəcəyəm. A k if (gəlir). Xəbəriniz yoxdur ki? Əli Əzimin balığını oğurlayıb yedi! Bu aralıq Əl i qaçır, Əsəd Əyyubi ardınca yüyürür. Əhməd. O nə? Əsəd Əyyubi. Yahu, Allah bəlasını versin, yumurtalarımı çaldı da, qaçdı! Əhməd. Yaxşı, yaxşı, dağılışın! (Özü gedir.) Pojalusta. Əl i. Ay uşaq, Xəlil qaçır, qoymayın! Cəfər. Ada, götür papağını, qoy şkafın üstünə! (Əli götürür papağını, şkafın üstünə qoyur.) Əsəd. Cəfər, zəngi bas, kabablayaq. A k if (qaçır). Xəbəriniz yoxdur ki? Mahmud əlli manat pul gətirir. Ə z im. Siz öləsiniz, köpək oğludur yalan deyən, mənim 46 manat borcum var, bu günə söz vermişəm, gərək aparıb verəm. Ak i f. Onda olmaz ki, hələ o əlli manatın hamısını verək sənə? Ə zi m. Sən səsini kəs! Sən malçişkasan. Mən sənin tayın deyiləm. Mənim oğlumun nəvəsi səndən iki yaş da böyükdür. Məmmədə li. Ada, genə nə vurhavurdur? Xəlil (gələrək). Balam, mənim bu papağımı oraya kim qoyub? Əl i. Xəlil, qaçdı yoxdur. Xəlil. Mühüm bir işim vardır, siz allah papağımı veriniz! Əl i. Elə şey yoxdur! Xəlil iki stul tapıb, bir-birinin üstünə qoyur, şkafın üstünə dırmaşır. Əsəd. Cavadlı, orta qapını bas! Bu aralıq Əl i qaçır, Tamara Dmitriyevna onun dalınca yüyürür. Tamara Dmitriyevna. Gerimiç, day pojaluysta pudru! Əl i. Molçat! Oyyo! O Bayadera!.. Cəfər. Uşaqlar, başlayın o birini. Xor. Ağ dəvə düzdə qaldı, ya ləlli, qurbanın olum; Yükü Təbrizdə qaldı, ya ləlli can, ləlli. Oğlanı dərd apardı, ya ləlli qurbanın olum; Dərmanı qızda qaldı, ya ləlli can, ləlli. Xəlil şkafın üstünə döyür, bu halda Əli, Xəlili qaldırıb şkafın üstünə qoyur; Xəlil ayaqları ilə şkafı döyür. Cəfər. Uşaqlar, oğlanı dərd apardı yox, oğlan dərdi apardı, dərmanı qızda qaldı. Əsəd. Yox, oğlanı dərd apardı. Cəfər. Heç yox! Oğlan dərdi apardı daha gözəldir. Xəlil (göydən). 1918-ci ildə iyul ayının 14-də, cümə axşamı mən Şuşada idim. Orada... Cəfər. Xəlil, di bazar açma, xronologiyada işimiz yoxdur. Başlayın! Ca vadlı. Di, yaxşı, hər kəs öz istədiyini desin. Başlayın. Xəlil şkafı ayaqları ilə nağara kimi çalır. Əsəd stolu çalır, özü də başı ilə oxuyur. Əli Kərimov Tamara Dmitriyevnanı qucmuş bir halda dayanmış, Cəfər bir stulda oturmuş, ayaqlarını da o biri stula qoymuş, Cavadlı da stulu döyür. Ak i f. Xəbəriniz yoxdur ki? Mahmud gəlir, pul gətirir. Xəlil. Ay uşaqlar, siz allah məni düşürün! Cəfər. Olmaz, olmaz, di başlayın! Xor. Ağ dəvə düzdə qaldı, ya ləlli qurbanın olum; Yükü Təbrizdə qaldı, ya ləlli can, ləlli. Oğlan dərdi (“oğlanı dərd” yerini hər kəs öz bildiyi kimi) A ləlli can, ləlli can, ləlli; Apardı, ya ləlli qurbanın olum. Dərmanı qızda qaldı, ya ləlli can, ləlli. A ləlli can, ləlli can, ləlli. * * * 2000 gecə Axşam saat dörd-beş radələri. Məclis. “Üçüncü internasional” mətbəəsində “Kommunist”in iş otağında tərcüməçi stolunun üstündə Şakov və başqa bir neçə nəfər mürəttib kolbasi, xərçəng və sairə düzüb yeyirlər. Müsəhhih stolunun üstündə Süleyman və şagirdləri piti taskabablarını düzmüşlər. Məmmədəlinin stolunun üstündə Allahverdi bir başqası ilə oturub nərd oynayır. Stol üstündə də bir iki stəkan çay, çaynik, bir də Xor - Xor qəlyan qoyulmuşdur. Qəlyan tütünləyir. Süleyman. Gəl də, hələ bu gün sovesçaniyə olub, Əliağa bu vaxtacan gəlib çıxmayıb, korrekturalar da o yanda tökülüb qalıbdır. Ağahüseyn, dur sən allah bir telefon ilə danış, de ki, materiallar tökülüb qalıbdır. Əliağa (girərək və oyan-buyana baxaraq). Yaxşıdır də! Döndərmişsiniz xarabanı kababçı dükanına. Xor - Xor qəlyan... piti... Yaxşıdır də... (Kimsə danışmır.) Yoldaş Süleyman, olar ki, zəhmət çəkəsiniz, biz burada işləyək? Pojalsta! Naborşiklərin öz otağı var... Al lahverdi. Axşam vaxtı genə işə düşdük də... Süleyman. Saat yeddidir, atıla-atıla durub gəlib üstümə ki, nə var iş bilmişəm. Əl iağa. Daha o sənin işin deyil! Pojalsta bez zameçani! Yaqub (tələsik içəri girərək). Bu tərcüməçilər gəlməyib! Əliağa, al bu üç məqaləni, tərcüməçilər gələn kimi ver, eləsinlər. Əhməd dedi. Əl iağa. Özlərini ələ salıblar. Cəhənnəmə ki! Mənə nə var! Səhər qəzet qalar on ikiyə. Tiraj gündən-günə azalır. Gecə saat dörddəüç məqaləni götürüb ki, tərcümə eləsinlər. Əbdülrəhim saat 11-də gələcək, sonra bunları tərcümə edəcək. Cəhənnəmə olsun hamısı, mənə nə var! Ağahüseyn. Əliağa yoldaş, daha tez ha, çox tez gəlməmişsən ki? Əl iağa. O daha sənin işin deyil. Materialı qoy, çıx get. Hanı bəs bu Xanım da gəlib çıxmadı ki! Onda gedim Xanım gələnədək bir pivələyim. Xanım əlində çadrası yellənərək içəri girir. Xanım. Əliağa gəlib çıxmayıb? (Əliağa içəri girir.) Əliağa, bəs haradasınız, bu vaxtadək gəlməmişsiniz, materiallar tökülüb qalmış? Əl iağa. Xeyr, Xanım bağışlayarsınız, mən bir gəldim; istəyirdim pivə içməyə gedim, daha getmədim. Siz özünüz hardasınız? Xanım. Heç yox! Mən lap çoxdan buradayam. Əl iağa. Mən saat on ikidən burada oturmuşam. Xanım. Mən lap saat 11-dən burada oturmuşam. Əl iağa. Süleyman, atam, sən gördün mən qabaq gəlməmişdim? Süleyman. Mənim xəbərim yoxdur. Əl iağa. Di yaxşı, indi ki, elədir, dur buradan!.. (Oturub oxumağa başlayır.) “Çan Kay-şi öz hərəkətlərində hər kəsdən yardım görə bilərsə, ümumi çaynik ağası olan Əliağanın deyinməsindən qorxmayacaqdır...” Ada, bu nədir? Xanım! (Xan ı m danışmır.) Ay Xanım?.. (Xanım birdən diksinərək, kağıza baxır.) Nə yazılıb orada?.. Xanım. Hələ elədir də... Əl iağa. Nə elədir? Xanım. Mən nə bilim! Əl iağa. Necə mən nə bilim? Bəs sən nəyə qulaq asırsan? Xanım. Hər nə burada yazılıb, ona qulaq asıram da!.. Əl iağa. Orada Əliağanın çaynik ağası olması da yazılıbdır? Xanım. Nə çaynik ağası? Əl iağa. Pojalsta, Xanım, yaxşı qulaq as! Xanım. Mən elə yaxşı qulaq asıram. Sən hələ həmişə mənim üstümə düşürsən. Jandarm kimi qoymursan gözümü açım! Əl iağa. Pojalsta vəzifəndir! Qulaq as! Xanım. Hələ hər nə oldu deyinirsiniz! Hər nə oldu deyinirsiniz! Mən bu saat Əhmədi çağıraram. Əlini çağıraram. (Telefona gedir, mərkəz gec cavab verdiyindən ağlayır, yıxılıb, özündən gedir.) Mahmud. Yoldaş Əliağa, bu X a n ı mı nə üçün incidirsən? Əl iağa. Mənə nə var, yoldaş! Vəzifəsidir, yaxşı baxsın. Bu çaynik ağasını buraya kim yığıb? Mahmud. Məmməd yığıbdır! Əl iağa. Məmməd, pojalsta, mən bunu saxlayacağam, Babetskiyə göstərəcəyəm! Məmməd. Ged, ada! Ged ada! Göstərəcəyəm... Heç onu mən yığmışam? Əl iağa. Bəs kim yığıb? Məmməd. Mən nə bilim! Qulaməli maşının başında yatıb, gözü yuxulu, ağzına gələni yığıbdır. Əbdülrəhim içəri girib, öz yerində oturur. Əl iağa. Əbdülrəhim, balam, bir az tez gəl də! Tərcümələr tökülüb qalıb burada. Al, üç dənə məqalə! Əbdülrəh im. Qoy bura, elərəm də. Materialları alıb yanına qoyur və başını yerə qoyub yatır. Xanım oyanır, gəlib oturur. Əliağa yenidən oxumağa başlayır. Məmmədəli əlində qəzetlər və yenicə çıxmış “Oqonyok” içəri girir. Məmmədəli. Ya Allah! Kim var, kim yox? Əl iağa. Əbdülrəhim, tez ol, maşınlar dayanıbdır. Əbdülrəh im. Mən bu gecə naxoşam. Tərcümə edə bilməyəcəyəm. Məmmədə li. Necə edə bilməyəcəyəm? Əbdülrəh im. Dünya ki, var, beş gündür. Mən deyirəm bu yaşayışın heç mənası yoxdur. Özüm də bu saat tanış yerə getmişdim, qonaq çağırmışdılar. Nə qədər yalvardılar ki, heç olmasa bir rumka da olsa iç, sən öləsən, dilimə də vurmadım. Axırda vur-tut bir butılka yarım araq içmişəm. Mən bu gecə işləyə bilməyəcəyəm. Əl iağa. Yaxşıdır də. Indi teleqramlar gələcək. Məmmədəli, bəs nə edək? Məmmədə li. Ürəyini sıxma! Düzəldərik sənin üçün! Əl iağa. Necə düzəldərik? Saat doqquzdur. Maşınlar dayanıb qalacaq sabaha. İki gündür gözlərimi yummamışam. Ada, Əbdülrəhim! Əbdülrəh im. Sən səsini kəs, zıqqıldama pojalsta! Məmmədəli mənim qardaşımdır. Ona dedim, özü anladı. Özüm də gedirəm. Məmmədə li. Əbdülrəhim, necə gedirəm? Başla görək! Əbdülrəh im. Əlimə də ala bilməyəcəyəm. Məcbur deyiləm ki, kefli-kefli tərcümə edim. (Başını yerə qoyur, yatır.) Məmmə dəli. Ada, Əbdülrəhim! Əbdülrəhim! (Əbdülrəhim tərpənmir. Məmmədəli onu silkələyərək.) Əbdülrəhim! Əbdülrəhim! (Əbdülrəhim tərpənmir.) Bu aralıq Əhməd içəri girir. Əhməd. Nə olub? Əl iağa. Nə olacaq! Materiallar tökülüb qalıb, Əbdülrəhim də burada keflənibdir. Əhməd. Nasıl, keflənmiş?.. Abdalrahim! (Qabırğasından bir dümsük vuraraq, onu oyadır.) Abdalrahim! Əbdülrəh im. Nə deyirsən, Əhməd yoldaş? İçmişəm, vəssəlam! Özüm də sabah gedəcəyəm soyuza şikayətə. Sizin məni qulluqdan çıxarmağa haqqınız yoxdur. Çünki vur-tut bir butılka yarım içmişəm. Nəhayət, mən də özüm üçün bir adamam! Əhməd. Nasıl adamam? Bilmirsən bu saat “Pravda” gələcək? O tərəfdən də Şuralar qurultayı gedir... Əbdülrəh im. Ay Əhməd, qurultay olduğunu mən çox yaxşı bilirəm. Daha mən nə bilim qurultayda daim danışacaqlar da... Əhməd. Necə, ada, danışacaqlar? Əbdülrəh im. Vacib deyil ki, qurultayda danışsınlar... Əhməd. Necə, ada, nə danışırsan? Qurultayda nə edəcəklər? Əbdülrəhim. Mən nə bilim, ay Ə h m ə d!.. İndi içmişəm, vəssəlam!.. Əhməd. Çortovoy materi! Get pojalyusta! Mamedali, çağır pojalyusta Caferi!.. Məmmədə li (telefonu alaraq). 24-24! Cəfər, tez mətbəəyə gəl, Əbdülrəhim tramvay altında qalıb, göndərdik xəstəxanaya. Qəzet yatıb qalıbdır. Əhməd. Nerdə bu teleqraflar? Yaqub gəlməmişmi? Əl iağa. Sonra da deyirlər qəzet gecikir. Qəzet qaldı sabaha, mənə nə var!.. Əhməd. Çağır pojalusta Yaqubu! Ə l ia ğ a (telefona gedərək). Yağub! Fatma! Yağub evdə... necə?.. Hamama gedib. (Telefonu asaraq) Buyur da! Bu da burada hamama gedib. Məmmədə li. Ürəyini sıxma. Qəzet öz vaxtında çıxacaqdır. Əhməd. Di yaxşı, Mamedali, başla Bakı səhifəsini. Məmmədə li. Hardan? Nə Cavad gəlib, nə də Əbdülrəhman! Əhməd. Nerdə bəs bu adamlar? Qulaməli. Əbdülrəhman gedib Baksoyuza kreditovaniya almağa. Cəfər oxuyaraq içəri girir. Cəfər. Qara dəniz axşam deyir, Ətrafını yıxmam deyir... Əhməd. Balam, ya Allah, ya Allah! Ay Cafer, bir belə də yatmaq olmaz! Sənin kefin, əhvalın?.. Al, bir qanfet verim sənə... Cəfər. Balam, Əbdülrəhimə nə olub? Məmmədəli. Cəfər başına dönüm, daha danışmaq vaxtı deyil, otur başla. Orada üç-dörd məqalə vardır, onları tez əldən çıxar. Əl iağa. Hindi də teleqraflar gələcək. Əbdülrəhman burnunu və dodaqlarını sallamış bir halda içəri girir. Əhməd. Nerdəsin, yahu? Bin yol demişdim... Əbdülrəhman. Vallah, Məmmədəli, yatmışam. Arvadın mənə yazığı gəlib oyatmayıb. Bir də ayıldım gördüm saat 10-dur. Qaça-qaça gəlmişəm. Məmmədəli. Tez ol soyun, başla! Əhməd. Nerdə bu klişelər? Əl iağa. İki saat bundan qabaq telefon elədilər ki, göndərdik, iki dəqiqədən sonra gəlir. Əhməd. Allah bəlasını versin. Mamedali, bir telefon elə başın için!.. Bu aralıq Qədir sərasimə içəri girir. Qədir. Buraya gələn-zad olmamışdı? Məmmədəli. Nə gələn? Kim yəni? Qədir. Qulağıma, deyəsən salat səsi dəydi... Ölən-zad gəlməmişdi bura? Bu aralıq bir nəfər içəri girir, Qədir tez ona tərəf qaçaraq. Hə, olmıya ölünüz ölüb?.. Ölüsüölən. Bəli, mənim atam ölüb. Qədir. Hə... Allah rəhmət eləsin. Eybi yoxdur. Dünyanın işi belədir. Hamı öləcəkdir. Ölüsüölən. Allah sənin də ölənlərinə rəhmət eləsin. Qədir. Yaxşı, deməli, siz elan vermək istəyirsiniz? Ölüsüölən. Bəli! Qədir. Yaxşı də, hələ bir troynik verdirərsiniz. Özgəyə 46 manat alırıq, sizin üçün bir az güzəşt elərik. Məmmədəli, o çortkəni bəri ver! (Salır.) Deməli, 90 sətir. Bu 26, bu da 18, bu da... Belə... hə də, deməli, hamısı 54 manat 18 qəpik. Yaxşı, bu 18 qəpik də heç. Hələ düz 55-cə manat verərsiniz. Baş üstə... Yaqub teleqraflarla içəri girir. Əhməd. Nerdəsin, ada? Saat on ikidir! Yaqub. Mən nə eləyim, Zaktacda korrektor gəlməmişdi. Ad qoyulan günü idi. Axşamdan gözləyirəm. Əhməd. Bu nədir? 60 səhifə!.. Yaqub. Olar gündüzdən qalandır. Abazər gedib yaçeykaya, materialları gətirməyibdir. Əhməd. Allah bəlasını versin. Nerdə bu klişelər? Əl iağa. Odur hey, 70 səhifə teleqrafı birdən yığıb götürübdür. Bunu gündüz deyəsən eləyə bilmirlər. Yaxşıdır də, qaldıq sabaha. (Əhmə də müraciətlə) Bax, min yol sənə demişəm. Götürüb yazıblar çaynik ağası, sonra da qəzetə getdi, nə olsun? Əhməd. Nə çaynik ağası? Əl iağa. Mən nə bilim? Əhməd. Bəs mən nə bilim? Əl iağa. Yaxşıdır də, deyəndə deyirlər mən nə bilim. (Gedib bir həsir tapıb gətirir, altına salıb uzanır) Cavad içəri girir. Əhməd. Nerdəsin, yahu? Cavad. Naxoşdum, ölürdüm. Bu saat yorğan-döşəkdən durmuşam. Əhməd. Get, ada! Gözləri şişib... Cav ad. Necə, özüm ölüm sancılanmışdım, ölürdüm, yarımca şüşə araq içmişəm ki, sancım kəsilsin. Əhməd. Çortovoy materi! Biri yatır yuxuya qalır, biri sancılanır. Cavad. Ə h m ə d, sən mənə material ver, hamıdan qabaq qurtarmasam, əllərimi kəsərəm. Məmmədəli. Di yaxşı, başla teleqrafları. Cavad. O səhifə Əbdülrəhmanındır. Mən dekretləri eləyəcəyəm. Məmmədəli. Dekretləri, Əbdülrəhman dedi mənimdir, o apardı. Cavad. Buna bax, mənim səhifəmi oğurluyub aparıb. Dayan, gərək gedib onunla ayırd eləyim. (Gedir.) Əliağa (həsir üstə uzanaraq, yerindən danışır.) Bura bax, Məmmədəli, Mirzətağı gəlməyib ha! İndidən bir çarə eləyin. Məmmədə li. Evindən xəbər alaq da. Cəfər (oxuyur). Bəxti-namərdanəmizdən ruzigar ağlar bizə, Aman, aman, aman, aman, aman, aman, aman hey... Məmmədə li. Adə, Hüseyn, Məmmədəli, bircə sən allah, yeri Əlipaşanı çağır, bəlkə birdən Mirzətağı gəlmədi. Bu aralıq Mirzətağı əlində iki qarpız, iki girvənkə Qarabağ pendiri, üç girvənkə Gəncə üzümü, bir çətvər çay, iki təndir çörəyi, iki girvənkə qənd, iki düjün stəkan-nəlbəki, bir qoltuğunda balaca bir samovar, iki xörək qaşığı, üç də çay qaşığı, bir taskababı, piti, bir dəmir çaynik, bir də saxsı çaynik, qurşağında bir lüləyin və çiynində bir dəst yorğan-döşək və bir sarı kürk olaraq içəri girir. Mirzətağı. Hə, salaməleyküm! Deyəsən bir az gecikmişəm. Məmmədəli. Mirzətağı, bular nədir? Köçürük mətbəəyə? Mirzətağı. Məmmədəli, bircə sən allah, bu yorğan-döşəyi çiynimdən al, əllərim doludur. Nə eləyək, balam, bütün gecəni burada qalacağam; sonra acından ölərəm. Qurbanəli. Mirzətağı, bircə bu latıncaya qulaq as, bu zalım uşağı hamısı savadsızdır! Heydər də qatışdırıb bir-birinə. Heydər. Sən qatışdırmısan bir-birinə. Burada Əlipaşa içəri girir. Aha! Budur, Mirzətağı burada. Bəs dedilər Mirzətağı itib?! Əl iağa. Əlipaşa, yaxşı gəlmişsən. Vur-tut üç-dörd min sətir material qalıb. Sən allah, olara sən bax, mən bir gedim yatım. Münəvvər Xanım içəri girib, səsi eşidilmədən başı ilə salam verir. Əlipaşa. X a n ı m, deyəsən siz də bu gecə mənim kimi yol azmışsınız? Münəvvər Xanım. Heç yadımda olmamış. Mən elə bilmişəm bu gecə mənəm. Cəfər (qələmi qoyub başlayır). Sonra deyirlər belə! Vallah, billah, Həzrət Abbas haqqı, onda ki uruslar urusca yazır, hasand yazırlar, başa düşmək olur. Onda ki türklər urusca məqalə yazırlar, o qədər qəliz olur ki, heç kəs başa düşmür. Hə, buyur də, bundan nə başa düşürsünüz? Məmmədəli. İşini gör, düzəldərik səninçün. Cəfər (kamal səliqə ilə divara söykənib oxuyur). Qara dəniz axşam deyir, Ətrafını yıxmam deyir. Məmmədəli. Babay, babay, babay, babay... Əlibala. Balam, daha nə yazırsınız? Maşın xarab oldu, işləmir. Əhməd. Necə işləmir? Nerdə? Baqrat? Qara Əbdülrəhman. Baqrat gedib yatıb; çağırdıq, tumanköynəkdə yorğandöşəkdən çıxıb gəlmişdir. Əhməd. Çağır pojalusta Babetskiyi! Əbdülrəhman və Cavad boğuşaraq, içəri girirlər. Əbdülrəhman. Məmmədəli, nöşün deyirsən dekret onundur? Keçən ayın 12-də dekretləri Cavad eləmişdi, ondan sonra hesab ilə bu gecə düz mənə düşür. Məmmə dəli. Mən bilmirəm, özünüz ayırd eləyiniz. Cavad. Necə bilmirəm? Özün bilmirsən ki, bu gecə dekret mənimdir? Əhməd. Yaxşı, yaxşı! Kuryer girir, kağız gətirir. Bu nədir? Cafer, işin bitdi. Al bunu, bu gecə gedəcək. Qədir. Bu nədir? Maşınlar xarab olub; bu səkkiz səhifə haçan olacaq? Olmaz ki, sabaha qalsın? Əhməd. Dur, ada! SK-dan gəlib, yarın “Bakinski Raboçi”də çıxacaq, bu gecə polnosti getməlidir. QaraƏbd ül rəhman. Bağrat çıxdı getdi. Maşının biri bu gecə işləməyəcək. Əl iağa. Yaxşıdır də! Bu yandan maşın xarab olub, bu yandan da altmış səhifə teleqraf, SK məqalələr. Qaldı yenə sabaha. Məmməd əli. Xülasə, o kişi deyib gedibdir. Dedi: mən gedirəm, ancaq müsəlman işi düzələn iş deyil. Allahverdi. Du... duddudu... du Du... duddududu... du... Əl iağa. Adə, sən də rədd ol buradan! Dünya qədər iş tökülüb qalıb, bu da gəlib zurna çalır... Məmmədəli. Əliağa, ürəyini sıxma! Bu, birinci gecə deyil ki... bu hələ belə olub, belə olacaq və qəzet də vaxtında çıxacaqdır. Hamı işə başlayır. * * * Kitabxana.az · https://kitabxana.az/collections/cabbarli-kicik-pyesler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1934). Public domain (author died 1934). Original text only.