Məqalələr Cəfər Cabbarlı (1899–1934) “Əmir Əbülüla” Seşənbə günü, dekabrın 27-sində Dövləti teatroda türk dram aktyorları tərəfindən “Əbülüla” pyesəsi oynandı. Bir neçə pərdənin görnüşü qətiyyən bir Ərəbistan odasını andırmayordı. Ərəbistanın dərin keçmişindən nümunə olaraq divarları kağızla örtülmüş bir odanın görünməsi, bu yaxınlarda Kommunist firqəsində (qəzetində – A.R) bütün təfərrüatı ilə təhlil edib yazdığımız kimi, böyük bir xətadır. İkinci pərdədə sakit bir gecənin dərin qaranlıqları içində çırpınan iki məcnun qəlbin iztirablarını aşiqlərin üzündən oxutdurmaq üçün salınan projektor öylə namünasib bir məhəllədə yerləşdirilmişdi ki, aşiqlər büsbütün qaranlıqda buraxılıb, lüzumsuz olaraq boş taxtalar işıqlandırılmış və bunun özünə ikinci pərdənin dekorasiyası bir yığın rəngli əski və tozlu taxtadan ibarət olaraq görülüyordı. Üçüncü pərdənin baxçamı, odamı, həyətmi, xülasə nə olduğu yenə anlaşılmayor. Çünki keçmişdə təfsilatilə dediyimiz kimi, həyət, baxça isə içərisində şəmədanların ilqun mebellərin olması oda isə bir tərəfində böyük bir baxçanın yerləşdirilməsi artıqdır. Dördüncü pərdədə sərdabanın içi səhnənin özü kimi işıq barı mövqeyinin daha qorxunc görünməsi içində olsa, qaranlıq olmalı idi. Aktyorların oyununa gəlincə Əbülüla rolunda Abbasmirzə Şərifzadə də yaxşı idi. Yalnız tabut içində bəzən pək sərt hərəkət ediyor və ara-sıra xəstə olduğunu xatırlayaraq birdən kəndisini zəiflədiyordu ki, bu da tamaşaçıları aktyorun süni surətdə xəstələndiyini unutmaq imkanından məhrum buraxıyordu. Zideydə ilə öpüşməsində yersiz idi. Çünki, əski ərəb adətləri üzrə Əbülüla kimi namuslu bir ərəbin bir müsəlman qızını izdivacdan əvvəl öpməsi, nə olursa-olsun, qeyri-təbidir. Əbudiyab rolunda Rza Darablinski bu yolu bir neçə dəfə oynadığına baxmayaraq, demək olar ki, yaxşı idi. Səyyah rolunda Bağır Cabbarzadə olduqca zəif idi. Məzarlıqlarda ülviyyət arayan sufi təbiətli 80 yaşlı zəif, düşkün bir ixtiyardan daha əvvəl keçmişdə dediyimiz kimi, Rüstəm-Zal kimi qüvvətli bir pəhləvana oxşuyordu. Hərəkətlərində heç bir qocalıq əsəri yox idi. Sözlərini də bilmiyordu. Xüsusən, məzar daşında yazılmış bir şeri oxuyarkən daşın üzərinə baxıb oxuması olduqca qeyri-təbii görünüyordu. Zibeydə rolundakı Olenskaya hərəkətcə pək gözəl idi. Quldur rolunda Rüstəm Kazımov, Rəbiə rolunda X a n ı m Lizina yaxşı idilər. Məsud rolunda Ə h m ə d Qəmərlinski zəif idi. Bu vəqtə qədər heç bir aktyorumuzun bu tipi lazımınca təşxis edə bildiyini görəmmədik. Məsud bizcə bir dərəcəyədək sərsəm, zəif, mütərəddid, oyuncaq, əldə oynadıla bilər bir tip ikən Ə h m ə d onu ikinci bir Əbudiyab yaratmaq istiyordu ki, onu da bacarammadı. Xüsusən, yavaş söyləniləcək yerdə bərkdən, bərk söyləniləcək yerdə yavaşdan danışması gülünc idi. Qoca bir aktyor bu vəqtədək bir cümlənin içində hankı sözə qüvvət verilməsi lazım olduğunu bilməyor ki, bu, bir çox aktyorlarımızda mütəəssüfanə görülüyor. Qatillərdən xüsusən Adıgözəl Hüseynzadə yaxşı idi. * * * “Əmir Əbülüla” Cümə günü, oktyabrın 22-də hökumət teatrında Dövlət Teatrı aktyorları tərəfindən ərəb həyatından götürülmüş türkcə “Əbülüla” pyesi oynandı. Görünüşdən aldığımız təəssürat nəticəsi olaraq, xüsusilə, səhnə, ümumiyyətlə, sənayei-nəfisəyə dair bir neçə kəlmə söyləmək məcburiyyətini hiss etdiyimiz kimi, məəttəəssüfanə vaxt namüsaidliyindən bunu xüsusi bir məqaləyə buraxmaq məcburiyyətində də məruz qaldığımızdan, indilik yalnız oyunun gedişini müxtəsərən yazmaqla iktifa edəcəyik. Hər halda oyunçuların oyunlarına keçmədən dekorasiyalar haqqında bir neçə söz demək istəyirik. Çünki keçənlərdə demişdik, dinləməmişdilər. Indi təkrar edirik. Ola bilər, yenə dinləməsinlər, gələcəkdə yenə deyəcəyik, yenə dinləməyə bilərlər. Fəqət nə olursa-olsun, biz Ərəbistanda divarların kağızla örtülmüş otağına nümunə olaraq götürülməsini fahiş bir xəta sanırıq. Bəlkə də keçən dəfə bu xüsusda yazdığımız fikri rejissor yoldaş yanlış sanıb etina etməmiş, varsın da mətbuat vasitəsilə yanlışlığımızı göstərsin; sübut edə bilərsə, səhvimizi etiraf edər, susarıq. Bununla belə, məsələn, bir Iran qadını təsəvvür etmək istəyən bir rəssamın İran qadınlığının zahiri görünüşünə bir əsas təşkil edən ağ ruyində qara çarşab, ya uzun köynək, al tuman və başqa bu kimi şeyləri buraxıb da, bir neçə V ə z ir və ya varlı qadınları avropaca geyinirlər deyə, son Avropa modası ilə geyinmiş bir qadını Iran qadınlığından nümunə olaraq götürmək, rəssamın təcrübəsizliyindən başqa heç bir şey göstərməz. Ərəbistanda divarları kağızla örtülmüş bir evin nümunə olaraq götürülməsi buna oxşar bir şeydir. Üçüncü pərdə xüsusunda demişdik. Yenə təkrar edirik ki, üçüncü tablonun otaqmı, bağçamı, həyətmi, balkonmu, bir kəlmə, nə olduğu anlaşılmaz. Çünki otaq isə içərisində çiçəklərin, yaşıl ağacların, həyət, ya bağça isə yerliyində xəli və qızılı mebellərin olması artıqdır. Bəlkə də, rejissor yoldaş özü bilir. Anlada bilərsə, susarıq. Fəqət nə olursa-olsun göstəriləcək mənzərələr öylə qurulmalıdır ki, ilk baxışda nə olduğu, harada olduğu bilinsin. Həmçinin elə bir görünüş yaratmalı ki, o əsərdə təsəvvür olunan vaxtın ölkədən və ölkədə yaşayan xalqın adət və məişətlərini, ümumiyyətlə mühitin bütün xüsusiyyətlərini əsas etibarı ilə təsəvvür etmiş olsun. Dekorasiyanı bir başqası qursa idi, bəlkə də bu cəhətləri sükut ilə keçərdik. Fəqət səhnəmizin bütün ağırlığını çiynində daşıyan və səhnəmizdə yeganə ümidli bir amil olan Abbasmirzə Şərifzadənin belə kobud bir yanlışlığa yol verməsi, hələ bu da azmış kimi, göstəriləndən sonra bir də təkrar etməsi, bizcə, acınacaq bir şeydir. Oyunçuların oyununa gəlincə, oyun qəhrəmanı Əbülülanın rolunu oynayan Kirmanşahski, ayrı-ayrı nöqtələrdən keçib də bütünlüklə göstərsək, Əbülüla rolunu yaxşı oynadı. Fəqət bu, Əbülüla deyildi. Əbülülanın paltarlarını geyinmiş, qrimini sürtmüş, sözlərini deyir. Lazımi yerində bərkdən qışqırır, inləyir, ağlayır, yerli-yerində başını, əllərini, ayaqlarını tərpədir, qalxır, yıxılır, bunların hamısı vardır. Yalnız bir Əbülüla ruhu yoxdur ki, bizcə bu da ən lazımlı şeydir. Çünki odsuz, ürəksiz, hissiz bu tərpənişlərin, bu sözlərin hamısı soyuq, yapma bir şey göründüyü üçün Əbülüla libası altında Kirmanşahskidən başqa kimsənin olmadığı bir dəqiqə də unudulmaz. Əlbəttə, biz gənc aktyorlarımızdan Otello rolundakı bir fransız aktyorunun, Dezdemona rolundakı bir fransız aktrisini qısqanclıq tufanı içində doğrudan da boğub öldürməsi qədər bir təbiilik tələb etmirik. Fəqət heç olmazsa, öz dediklərindən özləri bir az da olsa, müqəssir olmalarını öz təsvir etdikləri adamın yalnız zahiri ruhunu yox, ürəyini, hissini də mənimsəmələrini arzu edirik. Yoxsa, söz deyirkən Əbülüla kimi tərpənib də, sonra müxatibi yenidən sözə başlayandan bir Kirmanşahski kimi sükut ilə dinləmək hər kimə bağışlanırsa, Əbülüla kimi məsul bir rolda olan aktyor, kim olursa-olsun, bağışlanmaz. Bunların hamısı ilə bərabər aktyorun dördüncü pərdədə yaxşı olduğunu qeydə məcburuq. Gəncliyinə istinadən, gələcəyinə ümidlər bəsləyir və müvəffəqiyyətlər diləyirik. Səyyah rolunda Bağır Cabbarzadə bu gecə bütün yoldaşlarından yaxşı oynadısa da, bununla bərabər bu şəxsiyyətin bu vaxtadək heç bir aktyorumuz tərəfindən layiqi ilə təşxis edilmədiyini məəttəəssüf görürük. Səyyah, bu sofi məsləkli, bütün həyatından küsmüş, bəşəriyyətin bütün dolanbac işlərinə, intriqalarına nifrətlərlə baxan, nə isə gizli ruhani ülviyyətlərə aşiq bir şəxsiyyət ikən, taxt ardında qəsdən gizlənib başqalarını təqib etməsi və ümumiyyətlə bir çox böylə hərəkətlər edib də, özünün nifrət etdiyi dolanbac yollarla özü müraciət edirmiş kimi, göstərilməsi, bizcə, bir yanlışlıqdır. Əgər əsərdə böylə bir şey varsa, əgər səyyah Əbüdiyabın dediklərini eşidirsə, bu da bir təsadüf ola bilər. Səyyah Əbüdiyabın hiylələrinə təsadüfən rast gələ bilər və özünü intriqalara qoşmamaq məqsədi ilə göstərməz, yaxud ümumən, bir xəbər gətirmək məqsədi ilə dinlər, yoxsa, özünün qəsdən gizlənib başqalarını təqib etməsi və Əbüdiyabın özündən daha çox dolanbaclar çevirirmiş kimi, göstərilməsi, bizcə, çox yanlışdır. Bu xüsusi Sarabski üçün yazmışdıqsa da, təkrar olduğundan, biz də təkrar etmək məcburiyyətində qaldıq. Əbüdiyab rolunda Ruhulla Sidqi yaxşı idi. Yalnız üçüncü pərdədə paltarlı gedib, Əbülüla ölərkən başı açıq, alt paltarı ilə dönüb gəlməsinin səbəbini anlamadıq. Biz aktyorun nə üçün belə etdiyini bilirik. Fəqət tamaşaçıların ruhuna təsir etmək məqsədi ilə qeyri-təbii və mənasız yollara müraciət etməyi məsləhət görməzdik. Rəbiə rolunda Xanım Tanayilidi yaxşı idi. Zibeydə rolunda Olenskaya olduqca gözəl idi. Bağır, Sidqidən sonra tamaşaçıların nəzərini cəlb edirdi. Fəqət ikinci pərdədə Əbülülanın bəşəriyyətdən uzaqlaşmaq təklifinə qarşı son söz olaraq: “Atam deyirəm, atam”, – dedikdə, sevdiyinin ürəyini gözlərindən oxumaq üçün üzünə baxmaq lazım gəlirkən, özü arxasında buraxıb camaata qarşı: “Atam deyirəm”, – deməsi çox gülünc idi. Əbülüla ilə öpüşmələri də yersiz idi. Bu günah hər ikisinə aiddir; namuslu müsəlman bir ərəbin namuslu bir ərəb qızı ilə izdivacdan əvvəl öpüşməsi qeyri-təbii bir şeydir. Quldur rolunu oynayan Rüstəm Kazımov baleti yaxşı oynadı, deyə yazacaqdıq. Şah Ömər Rəbiə rolunda Ələkbər Süheyli zəif, taqətsiz, düşkün bir ixtiyar əvəzində cəngavər, qüvvətli bir pəhləvan yaratdı. O da Rüstəm rolunda olaydı, Ələkbər, Rüstəm rolunu yaxşı oynadı – deyə, yazardıq. Xüsusən, dördüncü pərdədə qızını öldürərkən qılınc çəkməsi, odlu bir ərəb pəhləvanının birdən acıqlanıb da, qüvvətli bir mübarizəyə qarşı qılınc çəkməsinə oxşayırdı. Halbuki özü istəmədən sevdiyi qızını öldürmək məcburiyyətində qalmış bir ata nə qədər ruhlu və qəti bir adam olursa da, tərəddüd və solğunluğundan özünü almıyacağı zənnindəyik. Gələcəkdə aktyorlarımızın yaradacaqları şəxsiyyətlərə diqqət edəcəkləri ümidindəyik, hər halda bunu arzu edirik. * * * “Pəri cadu” Seşənbə günü, oktyabrın 26-da Dövlət Teatrında türk aktyorları tərəfindən türk dramaturqlarından Əbdürrəhimbəy Haqverdiyevin “Pəri Cadu” adlı əsəri oynandı. Oyundan aldığımız təəssüratı yazırkən, mütəəssir olmaq üçün, təfərrüatdan vaz keçib də, bir neçə mühüm nöqtələrə toxunacağıq. Hər bir şeydən əvvəl birinci pərdədə dərvişin nə məqsədlə göylərə dırmaşdırıldığını anlamadığımızı qeyd edəcəyik. Əgər dərviş göylərə qaldırılmalı olsaydı, buna müvafiq sözləri olmalı idi. Halbuki istər Pərinin sözlərindən, istərsə öz dediklərindən yerdə olub da, Pəri ilə söhbət etdiyi və adi bir insandan başqa heç bir şey olmadığı aydın görünürdü. Bəlkə də, əsərdə şeytan, əcinnə adı eşidib, buna da fantastik bir şəkil vermək istəmişlər. Fəqət bu, əsərin bir növ mahiyyətini pozduğundan, oyunu şəxsən idarə edən müəllifin nə fikir ilə buna razı olduğunu kəsdirə bilmirik. Hər halda ya dərvişin və ya Pərinin sözlərindən hərəkətləri buna müvafiq dəyişdirilməsi və yaxud dərvişin göylərdən dırmaşdığı yol ilə yerə endirilməsi, bizcə, yaxşı olardı. Dekorasiyalara gəlincə, birinci pərdədə dərvişin: “Xarabazar bir dudman”, – deyə bizi qandırmaq istədiyinə baxmayaraq, səhnədə “xarabazar bir dudman” deyil, əlvan çiçəkli, yaşıl ağaclı möhtəşəm bir bağça, cənnət kimi abad və səfalı bir barigah görürdük. Bunun üzərinə səhnə quruluşunda əsərdəki sözlərə diqqət edilməsini yoldaşlardan rica edirik. Qurbanın evi köhnə bir kənd evi deyil, son memarlıq sistemi ilə tikilmiş bir ev idi. Otağın içində isə qətiyyən bir şey yox idi. Halbuki bu əksinə, yəni otaq əsgi içində isə az da olmuş olsa, bir şey olsaydı, daha yaxşı olardı. Çünki Qurban nə qədər yoxsul olsa da, özgəsini kələm dolmasına qonaq edə biləcək dərəcədədir. Hətta özündən sonra arvadının ev şeylərini satmasına işarə etməsi, evdə heç olmazsa, biz məəttəəssüfanə, görmədiyimiz bir şeylər olduğunu bildirir. Beşinci pərdənin mənzərəsi fəna deyildi. Oyunçulardan əsər qəhrəmanı rolunda Sarabski birinci pərdədə yaxşı idi. Fəqət bir qucaq odun qaldırmaq üçün yavaşdan kömək istəməsi yersiz idi. Çünki bir qucaq odunun nə qədər ağırlığı olacağını xalq bilməz deyil. Buna görə də ya odunu çoxaltmalı, ya kömək sözünü çıxartmalı. Üçüncü pərdədə Hafizə Xanımın yanına getmək üçün geyinmə qeyri-təbii bir halda oldu. Bir ailəni həmişəlik tərk edib getmək istəyən bir adam o qədər iztirabsız, o qədər rahat geyinirdi ki, sanki adi qaydası üzrə meşəyə odun toplamağa gedir. Bizə qalırsa, orada cəld, şaşqın və bir növ də qarının yalanını çıxarmaq istəyirmiş kimi, bir növ ilə hərəkət etməli idi. Gedərkən, arvadının laylası üzərinə durması yaxşı idi. Fəqət sonradan biz ancaq özünü gördük, ruhunu görmədik. O zaman, təbii, Qurbanın varlığında ailə məhəbbəti və bəylik arzusu çarpışırdı. Fəqət bu mübarizə həmişə, həyatda baxılırsa, zahiri əl, və ya baş hərəkəti ilə bitər və ondan sonra insan qəti bir hal alır ki, bunu biz Sarabskidə görmədik; sadəcə bir qədər durdu, sonra da ürəyindəki mübarizənin nəticəsini bildirmədən sadəcə, çıxıb getdi. Bundan sonrakı pərdələrdə, xüsusən, son pərdədə Qurban zəif idi. Bəlkə də xəstə imiş, ya başqa bir səbəbi var imiş, bilmədik. Fəqət insan baxınca, önündə bir Sarabski deyil, bir həvəskar olduğuna inanmaq istəyirdi. Yoxsa, o boyda Səlimənin gözünə görünməməsi, üzərinə göz ucu ilə də olsa, baxmaması, nə demək ola bilər?! Yalnız eşidici bir qüvvə ilə iktifa etmək olurdusa, Səlimənin yalnız səsi eşidilməli idi. Madamki, Səlimə özü gəlməmişdi, demək, görücü üzvlərin də iştirakı lazımdı. Habelə, özündən getmək üçün yıxılması... Əvvəl oturur, sonra isə gəzinir... Sonra da kamali-istirahət ilə uzanıb yavaş-yavaş başını yerə qoyur. Gülünc deyilmi? Bundan sonra onsuz da varlığı sarsılmış Qurbanın bir də Pərini öldürəndən sonra alacağı vəziyyət içərisində o qədər əcinnə, qorxunc və müdhiş vücudlar arasında kamali-aramla xəncərini yerinə sancmağına nə ad qoya bilərik? Bunları başqa təcrübəsiz bir aktyorumuz etsəydi, bəlkə də yazmazdıq. Fəqət səhnəmizdə böyük bir mövqe qazanmış Sarabskinin böylə xətaları buraxmasını sükutla keçməzdik. Şeytan rolunda Ruhulla Sidqi, Pəri rolunda A.N.Olenskaya və iki əcinnələr fəna deyildilər. Xanım Lizina və Xanım Tanayilidi son dərəcə gözəl idilər. Yalnız Lizinanın evdə başmaq ilə gəzməsi yersiz idi. Tanayilidinin də Səlimənin ölməsi üzərinə insana yaraşmayan bir görkəm alıb da, şeytan kimi gülməsi artıq idi. Anaplı və Əhməd Qəmərli tərif fövqündə gözəl idilər. Bu gecə demək olar ki, Ə h m ə d bütün oynayanlardan yaxşı idi. Şamama Cadu rolunda Y.Olenskaya bir qədər zəif idi. Bu da, bizcə, özünü bir növ fövqülbəşər göstərmək istəməsi və bacarmamağından irəli gəlirdi. Ümumiyyətlə, nədənsə oyunda bir solğunluq və oynayanlarda bir ruh düşkünlüyü hiss edilirdi. * * * Hacıbaba Şərifzadə Bu noyabr ayının 3-də türk səhnəsinin ən dəyərli zəhmətkeşlərindən biri olan Hacıbaba Şərifzadəni əbədilik itirdik. Hacıbaba Şərifzadə kimdir? Ümumiyyətlə, vəfat edənlər üçün təziyət məqaləsi yazırkən, adətən, bu sorğunu verir və bunun ardınca mərhumun tərcümeyi-halını yazırlar. Biz isə bu adətdən keçib, mərhum Hacıbabanın səhnəmizdə tutduğu mövqeyi və ona etdiyi xidmətləri bir neçə kəlmə ilə qeyd edəcəyik ki, bununla da, zənnimizcə, həyatının bütün əsası və canlı nöqtələrimi demiş olarıq. Çünki diqqət olunursa, mərhumun bütün yaşayışı Azərbaycan səhnəsi ilə mərbut olduğu təzahür edər. İndilik səhnəmizdə iki yüz aktyor vardır ki, bunlardan bir qrupu yalnız pul xatirəsi üçün, maddi bir mənfəət üçün səhnəyə gəlmiş, onun, səhnənin mənəvi cəhətləri ilə işi yox, təkcə pulunu güdər və bu gün səhnə onun maddi tələblərinə cavab verməz olursa, buraxar, gedər, baqqallığı, ya bəzzazlığı tərcih edər. İkinci qrup isə bunun əksinə olaraq, səhnədən maddi heç bir şey gözləməz, ancaq oradan aldığı mənəvi bir zövq ilə yaşayar, bütün diriliyini səhnəyə vəqf edər, bütün dolanacağını səhnə ilə mərbut edər. Belə ki, tox da olsa səhnədə, ac da olsa səhnədə, yaxşı da yaşarsa səhnədə, ac qalırsa da, ölərsə də səhnədə. Dünyada bundan artıq əziz onun üçün heç bir şey yoxdur. Təbii və məəttəəssüfanə, belə şəxsiyyətlər səhnəmizdə tək-tükdür ki, onlardan biri də mərhum Hacıbaba Şərifzadə idi. Bu adam özündə çırpınan həvəs və şövq nəticəsində ta çocuqluqdan bütün varlığını səhnəyə, daha doğrusu, sənayeinəfisəyə vəqf etmiş, Azərbaycan səhnəsinin fəlakətləri ilə ağlamış, müvəffəqiyyətlərilə sevinmiş və bir vaxt səhnəmizdə çalışmaq üçün ağır şəraitə və sıxıntılara baxmayaraq, bir addım geri atmamış və öz göz yaşlarına bulanmış bir parça çörəyə qənaətlə daima irəli irəli getdikcə, sıxlaşan əzab və məşəqqətlər içərisinə doğru irəliləmişdir. Və bu uğurda ac qaldığını görənlər nə qədər çox olsa da, borcsuz qaldığını bizcə görən olmamışdır. Bütün var-yoxunu, son bir dəst paltarınadək satıb səhnə zərərlərini əvəz etdiyi adi şeylərdən idi. Bir kəlmə çocuqluqdan bəri bütün tarix-həyatını yarpaq-yarpaq çevirsək, səhnədə çəkdiyi əzab və iztirablardan başqa heç bir şeyə bəlkə də təsadüf etmərik, yorğunluq bilmədən bu qədər çalışdığını və özündə olan istedad nəticəsində gəncliyinə baxmayaraq, səhnə quruluşunda birinci mövqe tutduğunu cəsarətlə deyə bilərik. Bu işdə səhnəmizdə bu vaxta qədər kimsə onun kimi cəsarət göstərməmişdir. Bundan əlavə, mərhum yoldaşımız opera və drama yazmağa dəxi həvəs etmişdir ki, bir neçə əsərləri də vardır. Bu əsərlərindən “Mehr və mah” operası dəfələrlə tamaşaya qoyulmuşdur. Səhnəmiz və xalqımız mərhumun bu qədər çalışqanlıq nəticəsində aldığı təcrübələrindən və parlaq istedadından indi istifadə edəcək idi. Fəqət heyhat! Bu qaya yastı qaya, Kölgəsin atmış aya. Yaxşı məhsulum gəlmişdi, Əməyim getdi zaya. Bəli, ölüm! O, minlərlə rəqsan xəyalları, parlaq ümidləri əbədi bir yoxluğa məhkum edən acıqlı kölgə, onsuz da möhtac səhnəmizə Hacıbabanı çox görüb, vaxtından əvvəl qara torpaqlara gömdü. Hacı Hacınskidən, Vəlidən və Hüseyn Ərəblinskidən sonra səhnəmizə ikinci müdhiş zərbədir ki, bir sənət xadimi kimi, bütün varlığımızla təəssüf edər və mərhumun əqrəbalarına olduğu kimi xalqımıza, səhnəmizə və bütün sənayei-nəfisə xadimlərinə izhar təziyət edərik. * * * “Dağılan tifaq” Cümə günü, oktyabrın 29-da Hökumət Teatrında Dövlət teatrı aktyorları tərəfindən türkcə “Dağılan tifaq” adlı pyes oynandı. Əsərin özündə bir çox qeyritəbiiliklər və qarışıq nöqtələr vardır ki, bunları nə qədər yazmaq arzusunda olsaq da, şərait namüsaidliyindən, məəttəəssüfanə, bacarmırıq. Fəqət gələcəkdə bu xüsusda yazmaq üçün mümkünat olacağı zənnindəyik. Bu dəfə isə yalnız aktyorların oyununu yazmaqla irtifa edəcəyik. Oyun qəhrəmanı Nəcəfbəy rolunda Abbasmirzə Şərifzadə idi. Hər bir şeydən əvvəl onu xatırladım ki, birinci pərdədə tək danışırkən və ikinci pərdədə kağız oxuyurkən, rəcz oxurcasına, bərkdən və yersiz olaraq sərt danışırdı. Bizə qalırsa, bu sözləri yalnız düşüncə olduqları üçün qırıq-qırıq təzahür edilərək, olduqca kölgəli və dumanlı deməli idilər. Əvvələn, bir aktyorun səhnədə tək danışdırılması, əsasən, qeyri-təbii bir şeydir. Biz həyatda öz-özü ilə danışan (normal) bir adam görmərik. Fəqət madam ki, əsər köhnə məktəb ilə yazıldığından belə nöqtələrə təsadüf edilir, o zaman bunu heç olmasa, bir rəcz kimi deyil, bulanlıq bir tövr ilə söyləməlidir. Biz, məəttəəssüfanə, təsəvvür etdiyimizi olduğu kimi təsəvvür edə bilmirik. Fəqət bir qədər düşünülərsə, dediklərimizin anlaşılacağı zənnindəyik. Bunlardan keçincə, əlavə etməliyik ki, bu gecə Abbasmirzə Şərifzadənin oyunu istər paltar, istər qrim, istər danışıq, istərsə hərəkətcə bizi qənaətləndirdi, hətta onu alqışlamağa özümüzdə vicdani bir məcburiyyət hiss edirik. Aktyor götürdüyü ağır rola, yaratdığı şəxsiyyətin ruhuna o qədər dərin girmiş ki, özü aradan tamamilə itmişdi. Bu gecə radio ilə aktyorun bütün varlığı işıqlandırılsaydı, Abbasmirzədən əsla bir əsər qalmayıb, bütün iztirab və səfalətləri ilə bir Nəcəfbəy Çaybasarski görünəcəkdi. Aktyor o qədər özünü unutmuş ki, qocaman bir sütun uçulub tam başına düşür, yerindən belə qımıldanmır. Fəqət bütün bu təbiiliyi sütunun gec uçulması üzərinə “davayte!” – deyə bərkdən səhnədə danışması pozurdu. Biz “davayte” eşidincə, o saat Nəcəfbəyi itirib, onun rolunda Abbasmirzə olduğunu xatırladıq. Çox təəssüf! Belə şeylərin təkrar edilməyəcəyi ümidindəyik. Sona rolunda A.N.Olenskaya birinci pərdədə lazımi təsir vermədi. Paltarları da maloros paltarı idi. O biri pərdələrdə, xüsusən, dördüncü pərdədə tərif fövqündə gözəl idi. Məşədi Cəfər rolunda Məlikov, Səlimbəy rolunda Ələkbər Süheyli və qoca zabit rolunda Ələkbər Hüseynzadə olduqca yaxşı idilər. X a n ı m Lizina da yaxşı oynadı. Səriyyə X a n ı m türkcə yaxşı danışa bilsəydi, bəlkə də yaxşı oynardı. Fəqət indilik istər danışıq, istər hərəkətcə heç bir şeyə müvəffəq olmadı. Burada onu əlavə etmək istəyirik ki, bu vaxta qədər səhnəmizdə olan aktrislər aktris olduqlarına görə deyil, türkcə bildiklərinə görə səhnəmizə qəbul edilmişlərdi. İndi isə onların arasında A.N.Olenskaya kimi istər lisan, istər hərəkətcə və Lizina kimi yalnız hərəkətcə müqtədir aktrislər ayrılmış, o biriləri isə lisan və hərəkətcə axsadıqlarından əvvəlkilər ilə çiyin-çiyinə oynayınca, yarada bildikləri təsir olsa mənfi olur. Bunun üzərinə əllərimizi qulağımızın dibinə qoyub bağırırıq: “Səhnəmizə türk Xanımı! Türk Xanımı! Türk Xanımı yetişdirilməlidir!”. Bununla heç olmazsa, Səriyyə Xanımın başmaqla evin yuxarı başına keçməsindən xilas olar və xalçaları təmiz saxlaya bilərik. Dəllək İmamverdi yaxşı idi. Imamverdinin oğlu rolunu Yunus nə qədər yaxşı oynadısa da, məəttəəssüfanə, kürkünü, çüxasını geymiş bir qızı andırırdı. Xüsusən qrimi qız qrimi idi. Ovçular zəif idilər. Xüsusən, birinin diri bir adama: “Başına dönüm, səni kim öldürdü?” – deməsi, o qədər gülünc çıxdı ki, yazıq yaralının zəhmət çəkib yarada bildiyi təsiratı da pozdu. Mirzə rolunda Kazım yaxşı idi. Nəcəfbəyin oğlu rolunda gənc aktyorlarımızdan Əliabbas İsmayılzadə gözləmədiyimiz bir məharətlər göstərdi. Biz qəsdən bu mühüm rol xüsusunda bir neçə kəlmə əlavə söyləmək üçün axırda yazdıq. Bir il bundan əvvəl həmin gənc arqadaşımızın Xoristlər arasından ayrılıb, kiçik bir rolda birinci dəfə səhnəyə çıxması üzərinə ondan gələcəkdə bir çox şeylər gözlədiyimizi söyləmişdik. O vaxtdan bir il də keçməmiş bu gecə gənc aktyorumuz o vaxt yalnız bir ehtimal olaraq söylədiyimiz sözləri ehtimal dairəsindən çıxarıb, qaçılmaz bir həqiqət halına gətirdi. Indi isə biz səhnəmiz üçün gələcəkdə ondan müqtədir bir aktyor gözlədiyimizi cəsarətlə deyirik. Bunlardan keçincə, onu da xatırladırıq ki, ölümcül yaralanmış bir adam bir saat qədər uzun bir vaxt bir verst üzərində dayana bilməz. Ölərkən son nəfəsdə özünü qurudub körpü yaradaraq, yerə çırpılması da artıq idi. Bu körpü bizim bütün aktyorlarımız üçün bir moda şəklini almış və bu vaxta qədər az-az adamın səhnədə vəziyyətinə baxmayaraq, körpüsüz öldüyünü görmüşük. Fəqət bu doğru deyildir. Bu körpü çapalamaq hərəkətindən bir şöbədir ki, yaralanandan sonra birinci-ikinci dəqiqədə ölən adamlara yaraşır. Fəqət yaralanandan yarım saat sonra ölən adam belə özünü qurudub da qalxıb yerə çırpılmasındansa, getdikcə zəiflənib tamamilə hərəkətdən qaralaraq rahat ölərsə, daha təbii olar. Çünki bu qədər uzun vaxtda axan qan insanı zəif salar və qan yoxluğundan belə bir hərəkətə imkan qala bilməz. Bu, aktyorlarımızda ümumi bir hərəkətdir ki, düşünmədən edirlər. Fəqət gələcək üçün hazırlanan gənc aktyorumuza belə nöqtələrə fikir verməsini tövsiyə edər, bütün varlığımızla ona müvəffəqiyyətlər dilər və bu gecəki müvəffəqiyyəti üçün ayrıca alqışlarıq. * * * “Otello” Cümə günü, mayın 19-da Dövlət Teatrında türk aktyorları tərəfindən “Otello” pyesi oynandı. Otello rolunu oynayan Abbasmirzə Şərifzadədən başqa, oyunun bütün rolunu səhnəmizin gənc aktyorları ifa etdiklərindən və bu rollarda birinci dəfə çıxdıqlarından, bütün başqa cəhətləri keçib, yalnız bu gənc qüvvələrin oyunları xüsusunda bir neçə kəlmə yazmaq istərik. Otello rolunda ən qüvvətli aktyorumuz Abbasmirzə, ilk iki pərdələrdəki ruhsuzluğunu unutmamaq şərti ilə, son dərəcə gözəl idi. Bir çox yeni və müvafiq hərəkətlər göstərməsi üzərinə daima bir hərəkət üstündə mıxlanıb durmaması və hər dəqiqə bir yenilik göstərdiyi üçün möhtərəm aktyorumuzu ayrıca qeyd edirik. Onu da əlavə edim ki, bütün aktyorlarımızın müttəhid nöqsanı olan tədrici yıxılmaq bəlasından yeganə mübərra olan Abbasmirzə, bu gecə əzilməsin deyə, qeyritəbii olaraq yerin rahatlayaraq, tədricən yıxıldı ki, bu bir nöqsandır. Yaqo rolunu ilk dəfə olaraq Kazım Ziya oynayırdı. Rolunun ağırlığını, birinci dəfə oynadığını nəzərə alarsaq, demək olar ki, fəna deyildi. Nə isə, aktyor Yaqo yaratmaq əvəzinə Yaqo rolunda Ruhulla Sidqi yaratmağa çalışırdı ki, məəttəəssüfanə, heç olmazsa buna da lazımınca müvəffəq olmadı, həm də sözlərin yaxşı bildiyinə baxmayaraq, danışdıqlarına çox fikir vermirdi, bəzən Yaqo deyə öz adı ilə başqalarını çağırırdı. Söylədiklərini özü yaşamırdı. Çox ehtiyatsız idi. Xüsusən, birinci pərdədə özünü Barabansioya tanıtmamaq üçün gizlənməsi lazım gəlirkən, önündə dikilib dayanmışdı. Barabansio rolunda Bayram Əlibəyov son dərəcə yaxşı idi. Rodriqo rolunda Aslan Tahirov təmsil etdiyi adamın şəxsiyyətini layiqincə təşəxxüs etmədiyindən olmalıdır ki, xüsusən, ilk pərdələrdə solğun idi. Üçüncü pərdədə yaxşı oynadı. Monteo rolunda Adıgözəl Hüseynov orta idi. Sözlərini yaxşı bilirdi. Rolunu yaxşı aparmaq üçün bütün qüvvəsini işlədirdi, özündən əvvəl oynayanlara büsbütün təqlid deyil, özündən də yeni müvafiq hərəkətlər göstərirdi. Fəqət yaralanırkən dili ilə: “Yaralanmışam, danışa bilmirəm”, – deyir, səsində və hərəkətlərində isə heç bir zəiflik əlaməti hiss etdirə bilmirdi. Xüsusən, Otellonun gec çıxması üzərinə duelin uzun çəkməsi aktyorun çətin bir mövqedə buraxdı ki, təcrübəsiz gənc aktyor duelə davamla yorğunluğunu anlada biləcək bir hərəkət göstərmədi. Qılıncını da qeyri-təbii olaraq axıradək əlində tutub özü ilə apardı. Dezdemona rolunda Məxfurə Xanım yaxşı idi. Xüsusən, türkcə çox gözəl söyləyir və səsindəki incəlik üzərinə məsum, sadədil bir Dezdemona yarada bilirdi. Fəqət hərəkətcə zəif idi. Məsələn, ağladığını başqaları söyləyir, halbuki, özü o hərəkəti göstərməyə sanki tənbəllik edirdi. Xanım Lizina hərəkətcə yaxşı, lisanca adəti üzərinə zəif idi. * * * “Şeyx Sənan” Cümə günü, oktyabrın 11-də möhtərəm şairimiz Hüseyn Cavidin “Şeyx Sənan” adlı faciəsi oynandı. Möhtərəm müəllif guya “İblis”də buraxdığı bütün xətaların intiqamını “Şeyx Sənan”dan alırmış kimi, əsərin hər bir cəhətinə son dərəcə diqqət etmişdir. Nə qədər “İblis” bir-birilə bir o qədər də rabitəsi olmayan ayrıayrı vəqələrdən ibarət olsa da, o qədər “Şeyx Sənan”ın bütün vəqələri arasında sıxı bir irtibat vardır. Həm də əsərdə gözəl tiplər və bir çox həyəcan bədiiyyə səbəbiyyətverici mənzərələr vardır ki, bunun üzərinə möhtərəm ədibimizi bu müvəffəqiyyəti üçün səmimi-qəlbdən alqışlamaqla bərabər əsərin bir neçə nöqtəsinə şairimizin nəzərdiqqətini cəlb etmək istəyirik. Əvvələn, birinci və ikinci pərdələrdə islamiyyətdən sonra örtülmüş ərəb qadınlarının kişilər arasında üzüaçıq gəzmələri, azad bir müşaiqəyə imkan bulmaları, hətta necə isə Mədinədən dəvə ilə təxminən 13-14 günlük bir məsafədə olan Məkkəyə Şeyx Sənanın ardınca durub gəlmələrinə möhtərəm müəllif necə baxır! Birinci pərdədə 18 yaşında görünən Zəhra 10 ildən sonra vaqe olan 2-ci pərdədə 28-30 yaşında olur. Sənan onu sevirdisə, nə üçün bu 10 ildə almamış, sevirdisə, Zəhraya bildirmişmi? Bildirmişsə, Zəhra nə üçün arada heç bir şey yoxmuş kimi, ancaq kəmetina bir aşiqə müraciət edən kimi, Sənana müraciət edir? Ərəbistan mühitində bir qızın o qədər uzun bir vaxt ərə getməməsi mühitə müsaiddirmi? Zəhranın əqrəbası buna yol verərdimi? Burası çox dumanlı keçilir. Bir də Sənanın Ərəbistanda oturub görmədiyi bir Gürcü qızına bənd olması, əsəri təbiilikdən çıxarır. 3-cü və dördüncü pərdələrdə Oğuz və Özdəmirin şəxsiyyətləri çox qəribədir. Əvvələn, necə olmuşsa, bu adamlar şərab içən və donuz otaran bir adama niyə böyük bir din xadimi kimi baxır və uğrunda hər bir fədakarlığa gedirlər? Cavidin bir neçə əsr bundan əvvəlki kəndliləri əsr-hazırın bir çox ziyalılarını belə şaşıraraq, Sənanın dərin fəlsəfələrini və filosofanə hərəkətlərini çox gözəl anlayırdılar, əcəba? Həm də bu adamlar necə isə birər Don Kixot kəsilmişdilər. 2 nəfər, 4-5 nəfər müsəlləh qatilin üzərinə atılır, hərəsinə bir yumruq endirib yerə sərirlər və hətta özgə həyətində Serqoya: “Dur bunu al! Ardımca gəl!” – deyə hakim kimi əmr etmələri də çox qəribə idi. Bizcə, bunların əvəzinə 6-7 nəfər Şeyx Sənana rəqib gürcülər götürülsəydi, gözəl olardı. Bundan başqa, Sənanın üçüncü pərdədə keşişin israrı üzərilə böyük bir fəlsəfə və ictimai nəticəsində islamlığına zərərsiz gördüyü hərəkətlərdə bulunması: şərab içməsi, Quranı yandırması, xaç taxması çox gözəl anlaşılır. Fəqət 4-cü pərdədə kefli Serqodan şərab alıb içməsi nə demək idi? Orada da bir fəlsəfəmi var idi? Burada insan təbii bir suala məruz qalır: Sənan bütün bu əməlləri öz dinində baqi qalmaqla dininə zərərsiz bilərəkmi icra edir, yoxsa həqiqətən dinindən çıxmışdır? Məsələnin bu cəhəti də əsərdə həqiqətən çox örtülüdür. Bir islamın Serqodan şərab alıb içməsi yersiz idi; Tamaranın eşqi xatirəsi üçün o zaman fəlsəfələr babası görünən Sənan Tamaranın eşqi naminə hər küçə çocuğundan bir piyalə alıb içərsə, ayıq vaxtı tapılmaz idi. Həm də Serqo məsələsi üzərinə Sənanın şəxsiyyəti çox dumanlaşır. Sənan müctəhid və mücəddət bir islammı, yoxsa müctəhidlikdən dinsizliyə keçmiş, yolunu itirmiş filosof? Bəzən keşişin: “Sən əski dininə gizlində qailsən”, – deməsi üzərinə: “Yalan, böhtan”, – deyə bağırır. Bəzən də: “Mən yalnız islamların deyil, hətta xristiyanların da rəhbəriyəm”, – deyir. Qəribə bir təzad deyilmi? Bu cəhətlər aydınlaşmalı idi. Bundan sonra sonuncu pərdədə Sənan və Tamaranın çox asanlıqla çıxdıqları bir dağa yerli və ölkələrinə hər kəsdən artıq bələd olmaları ehtimalı olan gürcülərin çıxmaması qeyri-təbii idi. Sonra şeyxlər olduqca çoxdurlar. Sözləri də azdır. 2-3 nəfərini saxlayıb, qalanlarını əsərdən çıxartmaq daha gözəl olardı. Keşiş çox sərtdir. Axundlarda da axunda yaraşmayan bir davakarlıq vardır. Sənanın müdafiəsi üçün Şeyx Sədra daha yumşaq sözlər söylərsə, daha gözəl olar. Bu cəhətlərə möhtərəm müəllifin lütfən nəzər yetirmələrini arzu edərik. * * * Ədəbi mübahisələr I 6 həziran tarixli “Kommunist”də möhtərəm Kazımoğlu deyir ki, “Vaxtilə məhəlli mətbuatda yazılan bir çox yazılar istər Cavidin, istərsə əsərlərinin mahiyyətini meydana qaymamadadırlar”, Bu fikir doğrudur. Səbəbi də Cavidin əsərləri səhnəyə çıxalı mətbuatın, siyasi məsələlər ilə məşğul olub ictimai və ədəbi mübahisələrin mətbuatda yer bulmamasıdır. Yalnız Azərbaycanda deyil, bəlkə bütün Zaqafqaziya ölkələri arasında ilk olaraq tənqidlər yazmış, tənqidçiliyi ilə məruf olmuş, möhtərəm münəqqidimiz Kazımoğlunun da bu vaxta qədər susduqları bunun nəticəsi olsa gərəkdir. Həm də bizdə bir hal vardır, adətən türklük heyəti ümumiyyəsilə tənqidə dayanmıyor ki, burası, bizdə milli bir xüsusiyyət halına gəlmişdir. Əh doğru və səmimi, bitərəfanə tənqid çox vaxt çəkilmədiyindən qərəz kimi tələqqi edilərək haqsız etirazlara səbəb olur ki, bu da tənqid həvəskarlarımızın bir dürlü ciddiyyətini qırır. Halbuki, həyatın hər qismində sənət və ədəbiyyatda da “ tənqid təkamülün babasıdır” deyilsə yanlış olmaz. Bu hər yerdə belə düşünülür, bizdə isə ədəbiyyat “ədəbiyyatımız var” deyiləcək qədər təkamül etmədiyi kimi, yazıçılarımız da tənqidin əhəmiyyətini bir dürlü təfriq edəmirlər, hər halda bizdə tənqidçilik xüsusundakı bir qaç kəlmədən sonra möhtərəm Kazımoğlu tərəfindən atılmış mübahisədə ötədənbəri mətbuat mübahisəçilərindən biri olub bu xüsusdakı yazılarla iştirak etdiyimiz üçün bu dəfə də irəlidə təsadüf edəcəyimiz istər şəxslərinə, istərsə də qələmlərinə böyük hörmət və ehtiram bəslədiyimiz qələm arkadaşlarımızın əfvlərinə məqrurən, ümumən ədəbiyyat və sənət, xüsusən bizdə Cavid və onun əsərləri xüsusunda bir qaç kəlmə yazmaq istəriz. Möhtərəm Kazımoğlu ədəbiyyat tarixində ötədənbəri böyük filosofların mövzu bəhsi olub bu vaxta qədər aydınlaşmayan, “Sənət sənət üçündür”, “sənət həyat üçündür” prinsiplərini meydana sürür və ikincisinin daha doğru olduğunu təsdiqlə bu nöqteyi-nəzərdən “Uçurum”un “Sənan”dan daha həyati binaənəleyh, daha dəyərli olduğunu iddia edir. Əvvəla, biz möhtərəm Kazımoğlunun bu iki prinsipini nasıl izah etdiyini bir dürlü kəsdirə bilmirik. Ehtimal ki, möhtərəm Kazımoğlu “Sənət həyat üçündür” – şüarında “sənət”, “həyat” sözlərinin bir araya toplanması ilə onu “sənət həyatdan olmalıdır” kimi tələqqi etmişdir ki, bunun üzərinə ən gözəl əsər, sənət həyatdan götürülmüşlər, həyata yaxın olanlardır kimi bir məna çıxarır və “realist” “Uçurum”un romantic “Sənan”dan daha həyati olması hesabilə daha dəyərlidir deyir. Bizcə, burada bir yanlışlıq vardır. “Sənət həyat üçündür” prinsipi qətiyyən göstərilən mənanı ifadə etmir. Həm də belə olsaydı, ikinci prinsip nə demək olurdu. Əcəba? Biz şəxsən bu iki prinsipi belə anlayırıq. “Sənət həyat üçündür” – sənət həyatı tərbiyə etmək məqsədini təqib etməli, sənət həyata yol göstərməlidir. Mövzular bir fikrin təbliği üçün intixab olunmalı və ən böyük diqqət də təbliğat cəhətinə verilməlidir və ən gözəl əsər sənətdə böyük fikirlər ifadə edənlər, insanlığı tərbiyə məqsədilə yazılanlardır. Binaənəleyh oxuculara, seyrçilərə, dinləyənlərə bir dərsi-ibrət verməyən əsərlər əsəri-sənət olmazlar. Beləliklə, “sənət həyat üçündür” prinsipi tərəfdarı olan Kazımoğlunun şüarını belə bir məna ifadə etməsi üzərinə nasıl olur da “Uçurum”u “Sənan”dan dəyərli gördüyünü anlamayırıq. “Sənan” yeni də olmasa, hər halda ötəndənbəri söylənmiş bir çox əhəmiyyətli, əsaslı fikirləri toplayıb yeni kimi meydana çıxarır. O dinlərin bir ixtilaf qaynağı, mənbəyi olduğunu iddia edir. Allah da, Kəbə də, həp gözəllik eşq və sevgi olduğunu anladır, əlavə islam ruhanilərinin və xristian papaslarının fəsadlarını və bunların nəticələrini meydana çıxarır və yeri gəldikcə, daha bir taqım ibrətamiz fikirlər ifadə edir. “Uçurum”da nə var, əcəba! Hər halda bunların heç birisi bəlkə də bir taqım şeylər söylənmək istənilmiş də məəttəəssüf ifadə edilmişdir ki, bu xüsusda irəlidə söyləyəcəyik. Deməli, Kazımoğlunun tərəfdar bulunduğu-şüar nöqteyi-nəzərilə “Uçurum” “Sənan”dan dəyərli olmayır. İndi keçəlim ikinci “sənət sənət üçündür” prinsipinə. Burası gələcək yazımızla əlaqədar olduğu üçün üzərində bir qədər durmaq istərdim. Bizcə, bu şüar belə izah edilməlidir. Sənət ibrət və dərs vermək, yol göstərmək və ümumən bir şey öyrətmək vəzifəsini daşıyırsa, sənət dərsi ibrətverici, öyrədici əsərlər o zaman fəna bir natiqin mitinqlərdə söylədiyi ibrətamiz və doğru sözlər, o zaman bir müəllimin sinifdə verdiyi riyaziyyat dərsi ən böyük bir əsər sənət olmasın, halbuki, onlar fəhvasız və müəmmasız açıq-açığına öyrədirlər. Digər tərəfdən, bir Rafaelin, ya başqa bir rəssamın Cakondaları, madonnaları, bir Bethovenin musiqiləri kimsəyə bir şey öyrətmirlər. Eyni halda kimsə onların bir əsər sənət olduqlarını inkara cəsarət edəməz, bu vaxtadək etməmiş də. Bunun üzərinə yerli olaraq iddia edirlər ki, bir əsər bir fikir ifadəsi üçün yazılırsa o artıq sənət və ədəbiyyat deyil, bəlkə də fəlsəfədir. Sənət və ədəbiyyat dəftərçələrindən ayrılıb fəlsəfə kitablarına girməlidir. Sənət isə bir ibrət üçün olmayıb, bəlkə sənət üçün olmalıdır. Bu qənaətdə olanlar deyirlər: mən fəlsəfə dərsi, ibrət-filan bilməm, gördüyüm şey məni mütəəssir edirsə, həmin fırçamı alır, olduğu kimi təsvir edərəm. Canlı olaraq yaradaram. Zatən ədəbi əsərlər də fırçası qələm olmuş rəsmlər deyillərmi? İşdə burada da de Monassan kimi yazıçılar çıxıb deyirlər: mən həyatdan bir parça alıb bütün çılpaqlığı ilə, bütün mənfi və müsbət cəhətləri ilə, bütün qəhqəhə və göz yaşları ilə, fəlakət və dəhşətləri ilə, gözəllik və sevincləri ilə olduğu kimi təsvir edəcək, yaradacaq və bütün üryanlığı ilə canlı, diri həyatı oxuculara təqdim edəcəyəm. Oradan bir fikir çıxdımı? Çıxmadımı? İbrət alındımı, yoxmu? Borcum deyildir. Bir fikir doğurursa, yaxşı, doğurmursa daha yaxşı (təbiidir ki, həyatı bütün üryanlığı ilə görən bir oxucu onun bütün müsbət cəhətləri o gözəl nəticələri ilə bərabər, fəna hərəkətləri öz fəlakətli nəticələri ilə görən oxucu düşünürsə, orada ibrət də, dərs də ala bilər, fikir du bula bilər). Fəqət bir fərq var ki, burada bir fikir üçün bir həyat çox vaxtda süni, qeyri-təbii bir həyat yaradılmayıb, bəlkə yaranmış bir həyatdan, təbii və açıq bir həqiqətdən bir fikir alınır. Burada əsas fikir və ibrət dərsi olmayıb, bəlkə əsas sənətdir. İştə bu nöqteyinəzərlə yazan de Mopassanların bu gün Qərb ədəbiyyatında sənətkarlıqlarını kimsə inkar edə bilmir və hər kəs də onun sənət və dühasını təqdir edər. Başqa cür ola bilməz, çünki bu adamın əsərini oxuduqca, göz önündə bir həyat zahiri əhvaliruhiyyəsi, iztirabları bütün incəliklərinədək təbii və həyati təsvir edilmiş, yaradılmış canlı adamlar zahir olurlar ki, bu təbiilikdən, bu sənətdən insan zövq almaya bilməz. Oxucu vəqədən o qədər mütəəssir olur ki, gah gülür, gah da yeri gəldikcə, kəndisi bilmədən belə, bilaixtiyar göz yaşları tökür, oxucuda bu, ya digər hal vücuda gəlir bir həyəcan doğur. Bizcə, ən gözəl əsər, sənət oxucularda, seyirçilərdə, dinləyicilərdə hər həyəcanbədii oyandıra bilən əsərlərdir. II Burada bir şəxsiyyət və qeyri-şəxsiyyət məsələsi də vardır ki, bizcə, yuxarıdakı iki prinsipin mübarizəsi zamanı doğmuşdur. Bir yazıçı öz əsərlərində görünməlidirmi? Bu ya digər qəhrəmanı müdafiə ilə müəyyən bir fikir söyləməlidirmi? “Sənət sənət üçündür” vəsilər tərəfindən bu da rədd olunur. Yazıçı öz əsərlərində qətiyyən görünməməlidir... O oxucuların əhvali-ruhiyyələrinə, fikirlərinə, mühakimələrinə bu ya digər fikri tərvic, bu ya digər qəhrəmanı haqlı göstərmək üzrə təsir etməməlidir. Onlarca: sadəcə həyat yazılmalıdır. Yazılmış həqiqətlərdən kim nə anlayırsa özü bilsin, hansı qəhrəman haqlı ya haqsız bulursa yenə özü bilər. Iştə timsal üçün gətirdiyimiz de Monassan da, həmçinin Flober və başqa böyük yazıçılar da yalın həyat göstərir. İnsan acı həqiqətləri görər, nöqsanları duyar, ağlar, gülər. Fəqət heç bir yerdə yazıçını görə bilməz. Əsərin bir yazıçı tərəfindən yazıldığı belə hiss edilməz. O, yaratdığı canlı həyatın, acı həqiqətlərin dumanlıqlarında, kölgəliklərində itər, gedər. Bunlar həp möhtərəm Kazımoğlunun rəyinə istinad etdiyi Tenin “ədəbiyyat cəmiyyətləri ifadeyi-hal və keyfiyyətidir” təbiri də bu nöqteyi-nəzərdən yaklaşmaq istərik-Ten yuxarıdakı cümləsində nə demək istəyir? O deyir ki, ədəbiyyat ətrafındakı həyatı, cəmiyyətin nasıl yaşadığını, nə fikir daşıdığını, ətrafdakı insanların, xalqın, cəmiyyətin adətlərini, ənənəatını, xüsusiyyətlərini, əhvali-ruhiyyəsini olduğu kimi təsvir və ifadə etməli, bir kəlmə bütün mühit dəftərlərə köçürülməli və nəticə etibarilə “ədəbiyyat cəmiyyətlərin ifadeyi-hal və keyfiyyatı” olmalıdır. Belə olmalıdır ki, Qafqaziyada bir nəfər Floberin “Madam Bovari”sini oxucuya əvət Fransada belə bir həyat vardır, – deməyə haqlı olub, Fransa həyatı xüsusunda, oradakı cəmiyyətin və ondakı qaim fikirlər, insanların məişəti, əhvali-ruhiyyələri xüsusiyyətləri barəsində qəti bir fikir hasil edə bilsin. İştə bizcə, Ten yuxarıdakı təriflə göstərdiyimiz mənanı ifadə etmək istəyir. Biz bu təbirin mükəmməl olub-olmaması xüsusunda məqaləmiz üçün ehtiyac görmədiyimizdən durmaq istəməyirik. Çünki bir cəmiyyəti deyil, ayrıca təbiəti, bir gözəl yaşıl təpəni, bir fırtınalı dənizi təsvir edən, ya təbiətin bu ya digər gözəlliklərini ifadə edən bir əsər sənəti deyildir, denilməz. Nə isə burasında bəhsə lüzum verməyib Tenin təbirini qəbul ilə mətləbə keçəlim. İndi biz bu nöqteyi-nəzərdən Cavidin əsərlərinə yanaşalım. Əcəba Cavidin hankı bir əsəri yaşadığı mühitin, içində dolandığı xalqın, cəmiyyətin, xüsusilə Azərbaycan türk xalqının ifadeyi-hal və keyfiyyətidir. Qoy bir nəfər çıxsın və barmağını uzadaraq tərəddüdsüz, Cavidin filan yazısı cəmiyyətimizin ifadə, hal və keyfiyyətidir, söyləsin. Bunu kimsə deyə bilməz. Biz “Zəhmət”dəki tənqidin bir çox yerləri ilə şərik deyiliksə də, “Cavidin yazdığı əsərlər get-gedə həyatdan uzaq olmağa başlamışdır” deməsini də bu nöqteyinəzərlə olduğunu etimal ilə sabit edirik. Yaşadığımız aləm həyatın ən parlaq bir məkəsidir. Belə olunca ən yaxın aləm, həyati-xaricdən alınacaq təəssürat qaynağına ən yaxın ətrafındakı mühit deyilmidir? İştə bu nöqteyi-nəzərlə Cavidə yanaşınca elə təsir bağışlayır ki, guya Cavid heç bir vaxt içində yaşadığı mühitdən maraqlanmamış, ölkəmizin, xalqımızın rəngarəng həyat və məişəti onu heç bir vaxt mütəəssir etməmişdir. Biz onun heç bir vaxt xalqımızın fəryadları ilə inlədiyini, xalqımızın sevincləri ilə güldüyünü görə bilmirik. Zatən bir şair də xarici təəssüratı yaşadığı mühitdən deyilsə, nərədən ala bilər, əcəba? Gözünün önündə xalqımız bir çox mübarizə dövrləri keçirmiş, məhkumluqda xırpalandığı, hüququ tapdandığı vaxtlar olmuş, fəqət buna qarşı Cavidin “burak məni hayqırayım” – deyə coşduğunu, sızladığını, ağladığını görə bilmərik. Xalqımızın bir çox matəmləri, bir çox bayramları olmuş və olurkən Cavid bunların həpsinə soyuqqanlılıqla baxır, heç qımıldanmır da. Yalnız harada isə xəyalı bir afət bulur, onu bulvarlarda öpüşdürür. İştə bu qədər... O zaman nəyə lazım bir şairin atəşlər yağdırmağa müqtədir qələmi? Bizcə, xalqımız sənətxanələrdə, dəzgahlar önündə çalışarkən, ocaqlar qabağında ağır çəkiclərini zindanlara çırpırkən Cavidin yanında görməli və “Yan ocağım, can göstər” deməsilə şirin-şirin oxşayışlarından qüvvət almalıdır. Xalqımız qanlı cəbhələrdə haqq, hüquq mübarizəsi aparırkən Cavidin yanında görməli və dadlı oxşayışlarından qüvvət və cəsarət almalıdır. Xalqımız yas günlərində əsirliyə, əzilməyə məhkum qalır. Səssiz-sözsüz ağlayırkən və ümumi fəlakət və haqsızlıq sükutu içindən Cavidin “Bir vulkan kimi partlayıb”, “burax məni haykırayım” – deyə qopardığı fəryadları ilə öz kədərini əks etdirməli, hal və keyfiyyətini anlatmalıdır. Halbuki, bunlar Caviddə yox. Əcəba, bütün dühasının əsası həssaslıq olan bir şair duyğusu yox – söylənilməz, nə olur əcəba? Nə olursa-olsun, hər halda Cavid burada, Azərbaycanda yoxdur. Türkiyənin ziyalı olaraq, daha doğrusu, planetlərin birindən əsərləri üçün mövzu arayır. Ona Azərbaycan mövzuları əl vermir. Halbuki, söylədiyimiz kimi ən gözəl əsər mühitin, cəmiyyətin hal və keyfiyyətini bəyan edənlərdir. III Burada deyə bilərlər və deyirlər də ki, pəki Cavid Azərbaycan məişətini yazmayır, İstambul həyatını təsvir edir. “Uçurum və sairədəki vəqələr də İstambulda cərəyan edir. Bəlkə də oranın bəyan hal keyfiyyətidir. İştə ən mühüm məsələ də burasıdır. Cavid kəndisi azərbaycanlı ikən, Azərbaycanda yaşayırkən, burada təsvir üçün bir həyat, ya bir tip bulmayırmı? Azərbaycan həyatından bir mövzu götürə bilmirmi? Nəhayət, Azərbaycanda həyat yoxmudur? Bizcə, bunların heç birisi deyildir. Cavidin Azərbaycanda oturub Istambuldan yazıyoram deməsinə iki səbəb ola bilər. Ya Cavid həyatı olduğu kimi götürəmiyor və ya da bütün əsərlərini bir fikir, bir fəlsəfə xatirəsi üçün quraşdırıyor ki, yaradacağı süni həyat üzərinə “azərbaycanlılar Türkiyəni bilmiyorlar, bəlkə də orada həyat belədir” – deyə susacaqları fikrilə mən Türkiyədən yazıram deyə, bizdə belə həyat yoxdur, deyən xalqdan yaxa qurtarmaq istəyir və yaxud İstambulda oturub da dövrəsindəki həyata göz yumub düxtəri-hindu, Atilla və sair əsərləri ilə Hindistanı, Avstriyanı daha bilməm nərələri təsvir edən yazıçılara təqlid etmək, ediyor və hələ də onların təsirindən yaxa qurtara bilməmişdir. Göz önündə hər gün gördüyü tatyanaları buraxıb da, Fransadan, bilməm İtaliyadan bir taqım şeylər yazan yazıçılar rus ədəbiyyatında da ümumən hər millətin ədəbiyyat tarixində yox deyildir. Fəqət bu yazılar bir Tatyana, bir Onegin qədər yaşayamayırlar. Biz Lermontovu götürsək ki, hər yerə getmişsə bulunduğu mühiti təsvir etmişdir ki, ona görə də çox zaman Qafqaziyada bulunduğu üçün oradan aldığı təəssürat üzərinə yazdığı əsərləri oxuyanlar Qafqaziya xalqı, onun həyat və məişətini, adət və ənənələri xüsusində Cavid oxucularından daha çox və daha doğru məlumat və təəssürat ala bilərlər. Burada başqa bir etiraz da ola bilər. Deyərlər ki, neçün sən bu qədər dar bir Azərbaycan çərçivəsinə soxulmuş da, kənara çıxmaq istəməyir və Cavidi də kəndin ilə bərabər o çərçivə arasında boğmaq istəyirsən. Cavid 70-80 milyonluq türk dünyasını təsvir etmək və ya bəşəri simaları yaratmağa çalışır. Ona görə də onun yazıları da Azərbaycan həyatını təsvir etməyə bilər, bu bir nöqsan da olmaz. Belə olsaydı, biz bu fikir ilə şərik olardıq. Xüsusən nə Türkiyəyi, nə Türküstanı və başqa türk ölkələrini şəxsən görmədiyimiz və ancaq uzaqdan-uzağa xüsuslarından məlumat aldığımız üçün “Əvət ola bilər Cavidin təsvir etdiyi həyat Türkiyədə, ya Qırğızistanda vardır, ola bilər. Cavid bəşəri əsərlər yazmaq istəyir də, ona görə dar Azərbaycan çərçivəsində yaşaya bilmir. Onun fikir dühası daha geniş fəzaları qucmaq, əhatə etmək istiyor” deyə susardıq. Fəqət müttəəssifanə bunu da qəbul etməyəcəyik. Çünki Cavidin əsərlərində adətən həyat olmadığı kimi, elə nöqtələri də vardır ki, bizi belə düşünmək imkanından məhrum buraxır. Biz Cavidin mümkün olursa bütün əsərlərini məhdud qüvvəmiz daxilində ayrı-ayrı təhlil etmək istəyirik. Fəqət burada yeri gəlmişkən yuxarıda söylədiyimiz məsələ ətrafında Cavidin bütün əsərlərində mövcud və hamısı üçün ümumi olan bir neçə nöqtə göstərəcəyik ki, bu nöqsanların olması ilə Cavid həyatın, ya tiplərinin heç bir yerdə, xüsusilə, nə Türkiyədə, nə də başqa bir türk ölkəsində mövcud olduğunu qəbul etmək olmaz. Cavid türklük əhvali-ruhiyyəsini, onun xüsusiyyətlərini adət və ənənatını deyil, olduğu kimi təsvir etmir. Hətta çox vaxt bu həqiqətlərin xilafına yazır ki, bunun üzərinə bəzən türkliyə həddindən ziyadə yaxşılıq, bəzən də bir türkün qətiyyən yapamayacağı hərəkətlər vücuda gətirir ki, bir çoxları türklərdə belə şey olmaz – deyə haqlı olaraq etirazdan kəndilərini alamıyorlar. Bunu isbat üçün biz Cavidin əsərlərindən bir qaç timsal göstərmək istəyirik. Fəqət bundan əvvəl məram aydın olmaq üçün ufaq bir timsalla məsələyi izah edəlim. Bəlli şeydir ki, hər şəxsin olduğu kimi, hər millətin, hər qövm və irqin də kəndisinə məxsus xüsusiyyəti vardır ki, bu xüsusiyyət heyət ümumiyyəsilə onlarda bulunur və o millətdən bir nümayəndə təsvir edərkən götürülən tip bu xüsusiyyətlərə müxtəlif hərəkətlər də bulundurularsa, o yazıçı, o milləti anlamamış deməkdir. Məsələn, həbəşlərdə xüsusi, təbii bir hal vardır. Onlar müəyyən bir dərəcəyə qədər hətta avropalıdan daha çox istedad göstərərək oxuyub öyrənirlər. Fəqət müəyyən bir hüduda varınca durur, öldürsələr də, bir kəlmə artıq öyrənəməz, bir addım irəliləməzlər. Başqa daha yaxın bir timsal: hər kəsə bəllidir ki, türk xilqətən, ruhən igid, alıcı bir əsgərdilər. Fransadamı, Türkiyədəmi, Türküstandamı bir kəlmə, nərədə olursa olsun, igid bir əsgərdir. Bəlkə də türk ordusunda bir-iki, beş-on qorxaq bulunur. Fəqət türk ordusu təsvir edilərkən bunlar nümunə götürülməzlər. İstisnalar bir tip olmaz, tiplər heyətiümumiyyənin nümayəndəsi olmalıdırlar. İndi bir yazıçı türk ordusundan təsvir etdiyi bir əsgəri qorxaq yaradırsa və Türküstanda türk əsgəri belədir – deyirsə, mən Türküstanı görmədiyim halda onun dediklərini qəbul etməm və kəmali-cəsarət və qeyrətlə: “sən türklüyü anlamayırsan” – söyləyərəm. Çünki igidlik, igid və fədakar bir əsgər olmaq türkün əsas sifəti, xüsusiyyətidir. Sənin yaratdığın hər halda türk deyildir. Burada daha aydınlıq üçün Şekspirdən ufaq bir timsal ilə Cavidin əsərlərinə keçəlim. Hər şeydən əvvəl söyləyəlim ki, bir rəssam, bir yazıçı təsvir etdiyi bir şeyin əvvəlcə əsas sifətlərini, xütut əsasiyyəsini götürməli və onun ətrafında ufaq xətlərini çəkməlidir. Möhtərəm Kazımoğlunun xüsusi mübahisəmiz zamanı söylədikləri bir şir çəkmək istəyən bir rəssam ilk əvvəl onun xütut əsasiyyəsini bulmalı, məsələn, əli, qüvvətli bir köks, qalın biləklər, iti xonxar dişlər, müdhiş və yırtıcı caynağını, əzici, mühib gözlərini xütut əsasiyyə olmaq üzrə qeyd edər və bunun ilə də əsasən rəsmin mühüm qismi bitmiş olur. Sonradan bunun ətrafında ufaq xətlərini çəkər. Ədəbiyyatda da belə olmalıdır. IV Götürəlim Şekspirin işbu halda gözəl timsal ola biləcək “Otello”- sunu. Orada Şekspir bir Mavr yaratmışdır. Ona mənsub bulunduğu qövmin əsas sifətlərini və xüsusiyyətlərini vermişdir. O dost sandıqlarına bütün səmimiyyətlə inanar, hətta namusunu, ürəyinin bir parçası olan Dezdemonanı belə ona etibar edər, tapşırar. O, bəyəndiyini bütün varlığı ilə, bir çocuq səmimiyyəti ilə sevər, uğrunda həyatını əsirgəməz. Şübhələndiyi adamın isə həyatına təhəmmül edəməz. Cigərinin yarısı belə olsa onu canavar kimi, yırtıcı kimi didər, xırpalar, məhv edər. Hərbdə dünyadan ayrılmış bir əsgərdir. Evdə dünyadan ayrılmış bir ər, onun üçün orta yoxdur. İştə mədəni, binaənəleyh, fikri təkamülün ədəm mövcudiyyətindən, səmimiyyəti pozulmamış sadədil həbəşilik ilə cəngavər ərəbliyin qatışmasında vücuda gəlmiş bir Mavr ki, bunun üzərinə Otellonun kim olduğu bilinməsə belə, hankı qövmə mənsub bulunduğu təxmin edilə bilər. Çünki belə adamlar mavrlarda hər addımda bulunur. Götürəlim Yaqonu, Şekspir özü ingilis olduğu halda, ingilis adı ilə yaratdığı Yaqoya kəndi sənəti xatirəsi üçün bilatərəddüd ingilisliyin əsasi sifətlərini vermişdir. Hiyləgər, dəssas, görənə bir tor qurar. Ən yaxın bir dostunu öz hiylələri üçün vasitə yapıb oyuncaq kimi oynatmaqdan çəkinməz. Təqsirsiz, günahsız insanları çaşdırıb çarpışmalarından, tökdükləri qanlardan istifadə edər. Öz hərəmi, öz namusu üçün birinin əlilə başqasından intiqam almaq istərkən arada altun qazanmağı da unutmaz. İştə tam mənası ilə bitərəfanə və sənətkaranə yaradılmış bir ingilis bu əsas sifətlərdən sonra Şekspir onun ətrafında fırçası ilə ufaq xətləri çəkmişdir. Həmçinin Dezdemona sadədil, hər şeyə aldanan, heç bir şeydən fənalıq hiss etməyən, bütün səmimiyyətlə sevməyə və sevgisinə bütün səadətini, adını belə fəda etməyə müstəid venetsiyalı bir qadın, eyni halda Radriko oyuncaq kimi əldə oynayan sadədilliyi qismən sərsəmliyədək varan Dezdemona ilə bir çox yerdə ümumi xüsusiyyətlərə malik ikinci bir venetsiyalı. İştə sənətkarlıq. Şekspir bəşəri miqyasda yazdığı əsərində ingilis adı ilə sadədil bir oyuncaq təqdim etsəydi, Şekspir olmazdı, bəlkə də ingilislərdə belə sadədillər yüzlərcə bulunur; fəqət bunlar ümumiyyət üçün bir timsal, bir tip ola bilməzlər. Burada Şekspir də Ingiltərədən çıxır, Venetsiyaya gedir. Fəqət əvvəla qəhrəmanlarının heç birisi ingilis mühitinin təsirindən yaxa qurtarmamışlar, həm də heç bir şeyi, heç bir şəxs öz vəsf əsasını qayib etməmişdir. Burada sənət bütün mənası ilə arada, sənət bütün gözəlliyi ilə gülümsəyir. Burada həyat təsvir olunur, həm də o, nə göylərdən götürülmüş, nə də fotoqraf şişlərindən çıxarılmışdır. Yazıçı həyatı təbii, özü hiss etdiyi, anladığı kimi yazmış, onun vəsfi-əsasını qeyd etmiş, həm də oxucuda, ya seyrçidə bir həzzi-mənəvi, bir həyəcanibədi təmin edir. Həm də əlavə olaraq bir hüsn əxlaq da təbliğ edir. Bu da bir məziyyətdir ki, burada sənət sənət üçün olmaqla bərabər, sənət həyat üçün olmuş olur ki, ən böyük sənətkarlıq burası və ən böyük qiymət də burasındadır. Şimdi bu nöqteyi-nəzərlə Cavidin tiplərinə yanaşalım. İlk əvvəl onun türklərini götürəlim. Cəlalı timsal intixab edək. Zatən bu adam keçmişi dumanlı, qırıq, yarımcan bir simadır. Fəqət buralarını o cür ruha və onun tiplərinə yanaşacağımız zamana buraxıb indilik, onun xasiyyətindən ayrı-ayrı timsallar götürürük. Cəlal Anjeli sevir, onu evində saxlayır. Heç bir vəchlə ondan ayrılmayacağını bildirir. Fəqət bir qədər sevdiyi aciz bir qızı, gücsüz bir mələyi bir fransız təhdid edirkən və himayəsinə tapındığı dilbərin qorxduğunu götürkən, Cəlal buna qarşı “tədbir etmək lazımdır” – deyir və susur. Bu hal bir türkə yaraşırmı? Nerədədir ümumən Şərqin, xüsusilə türklüyün coşqun qanı, nerədədir namus və silahından başqa bir şey görməyən türklük?! Bir türk, xüsusən Cəlal kimi əsəbi bir türk sevdiyini təhdid edən bir fransıza qarşı tədbir üçün heç düşünə bilərmi? Düşünməyə vaxt bulurmu? Həmin ardınca fırlayıb yaxalamaz, yaxasını əzməzmi? Heç olmazsa bir ziyalı qovqasına da olsa, duelə də olsa dəvət etməzmi? Belə bir yerdə fransız bəlkə də tədbir arar, bir ingilis bəlkə də hiylələrə çalışar. Fəqət bir türk düşünə bilməz. Bu hələ azdır. Cəlalın şəri hərəminə, öz gözü önündə izhar təəşşük, hətta hərəmi də başqalarla sevişir. Cəlal bunu görür. Fəqət bir neçə saçma sapandan başqa bir şey yapmıyor. Bu nə deməkdir? Insanın çıldıracağı gəlir, bir fransız hərcayısının müaşiqəsinə qızan Cəlal öz şəri hərəminin xəyalına qarşı susur. Halbuki, bir filosof də deyildir. Qısqancdır. qadınların ümumiləşməsi tərəfdarı da deyildir. Acığı gəlir, amma susur. Tühaf deyilmi? Bu hal, qısqanc, coşqun bu kimi ittifaqlarda adətən bir yırtıcı kəsilən türklüyün xüsusiyyətlərinə zidd deyilmidir? İldırımı götürək. O öz namusunu belə özünə tapşıran Cəlalın evində onun namusuna toxunur. Hərəmi kimi satılan Anjeli sevir və əvvəldən tanıdığı xeyirxahlıq bəhanəsilə alır, qaçır, türklər daha fəna işlər görə bilərlər. Fəqət yoldaşa xəyanət etməzlər... V Göyərçinə gələlim. Birinci pərdədə ərinin xəyanətini görməmişkən belə ərinin ardınca tökdüyü göz yaşları qurumamışkən, əri küçə qapısından hələ çıxmamış başqaları ilə sevişməyə başlayır. Birinci pərdədə bunu sözlə deməsə də bir kəlmə Əkrəm deməsi izhari-təəşşüq olub, çocuğu qoynunda olmazsa, Əkrəmin ağuşuna atılacağını bildirir. Belə bir vəziyyət alır. Həm də bu bir həqiqətdir ki, gələcəkdə də isbat olunur. Ərli bir qadınkən əri üçün ağlayaraq sevişir. Yavrusu üçün ağlayaraq sevişir. Möhtərəm Kazımoğlu bunu bir ümid, həyat tələqqi etsələr də, biz yavrusu üçün çıldırmış məngənələrdən yavrusunu istəyən bir qadının ümid, həyat olaraq yeni bir eşq intixab edilə biləcəyini, yeni bir əl aranılacağını heç bir vəchlə qəbul etmək istəmərik. Göyərçin sevişir, Afət də elə görəni sevər, tində öpüşər, bulvarda öpüşər. Nəhayət türklükdə saf əxlaqlı bir qadın yoxmu? Halbuki türk qadını dağlarda qoyun otarar, təkbaşına evdə qonaq qəbul edər, əsgərlər arasında çalışar... fəqət uyuyurkən namusu qoynunda olur. Bəlkə bir fəlsəfə ilə bunun bir namus olmaması iddia olunur. Bəlkə Cəlal üçün iddia etdiyimiz qısqanclıq mənfi bir sifət ədd edilər? Fəqət bu türklükdə bir etiqad, bir xüsusiyyətdir ki, onun ilə hesablaşmalıdır. Cavidin Edmon adlı bir fransızı vardır. Təbiətinin, mühitinin, tərbiyəsinin xilafına olaraq ona verilmiş sərtlik, cəngavərlik, qısqanclıq kəndisini aldadan, kəndisini sevməyən bir qadını öldürməklə də iktifa etməyib, canavar kimi bir dəqiqədə bir öldürməyə hazır olmaq xassəsi Cəlala (bu türkə) daha uyğun, bir fransıza heç də yakışmaz bir şey olduğu etiraf olunmazmı? Bu nöqtələr həm bir türkün, həm də bir fransızın əsas sifətlərinə təzad, onların xüsusiyyətlərini düz təsvir etmək deyilmidir? “Afət”dən Ərtoğrulu götürəlim. “Afət” Cavidin son əsəridir. Ona görə timsallarımızın çoxusunu oradan alırıq. Bunun ilə bərabər bizcə “Afət” bir əsər, sənət olmaqdan daha ziyadə bir şaşqınlıqdır. Mövzu aranmış, bulunmamış da, bir “Afət” ixtira edilmişdir ki, bu xüsusdan ayrıca söyləməyi daha müvafiq buluyoruz. Ərtoğrul kəndisindən xoşlanmadığı Qaratayı öz evində təhqir edir... Nerədə qaldı, əcəba türklüyün bütün dünyada şöhrət qazanmış qonaqsevərliyi? Bir türk adam öldürər, cinayət yapar, nə söyləsəniz edə bilər. Fəqət öz evindəki qonağı təhqir etməz. Ərtoğrul, Qaratay, Afət, Altunsaç bəlkə də başqa qadınları da aldadıb namuslarını çeynədiyi üçün, söyə də bilər, döyə də bilər, öldürə də bilər. Fəqət hər halda sakın, bunu öz evində icra edə bilməz. Bu türklüyün ənənatına, xilqətinə ziddir ki! Bunun üzərinə hər bir türkün öz izzət-nəfsi təhqir edilmiş sanıb. Xeyr bu yalandır, türk öz evində qardaşının qatilini belə görürsə, evində olmaq hissilə, ona əl açmaz onu təhqir etməz – deməyə haqqı vardır. Haqqı vardır iddia etsək ki, bir türk anası kəndisinə pənah gətirmiş oğlunun qatilini onu təqib edən düşmənə təslim etməz. Binaənəleyh, kəndisi ilə çəkişənlərdən intiqam almağa kəndisinə tapınanları əfv etməyə müstəidçilik, iradəli, xəfif, incə hissli geniş, bağışlayıcı ürəyə malik türk qadınları Cavidin uçurumuna yuvarlansa da kəndisinə tapınan Cəlalı bağışlamaya bilməz. Çünki bu onun təbiəti, bu onun xüsusiyyəti, bu onun əsas sifətidir. Bəlkə də bu xassəyə malik adamlardan türklük də buluna bilər, fəqət bunlar tip götürülə bilməzlər. Azərbaycanda hər gün, hər ay yüzlərcə adamlar öldürülür və həpsi unudulurkən bilməm qaç illər bundan əvvəl bir novxanılının öz evində belə deyil, təkcə kəndlərində qonaq olan bir nəfərə təcavüz etməsi heç bir dürlü unudulmur. Indi də hərdəm “qonaq kəsən novxanılılar” – deyə xalq həm istehza, həm nifrət edir. Xalqımızın bu əhvali-ruhiyyəsi, hər kəsdən əvvəl bir psixoloq olması icab edən Cavid tərəfindən nədənsə heç görülməyir, hiss edilmir. Beləliklə, şimdi bizdə Afət həyatı yoxsa da, get-gedə həyat tərəqqi edüb qadınlarımız açılınca 50 ildən sonra Afət həyatı vücuda gələ bilər. Cəlal bizdə yoxsa da bəlkə Türkiyədə buluna bilər deyənlərə də cavab verilmiş olur və yuxarıda bəzi timsallarını göstərdiyimiz səbəblərə görə də biz deyirik ki, qırx il də, əlli il də bundan sonra Azərbaycan ya türklüyün başqa bir ölkəsi, həmçinin Türkiyə Afət həyatı ilə yaşaya bilməyəcəkdir, çünki tip əsasən xüsusiyyətlərinə adi bir surətdə təsvir edilmişdir. Gənc həvəskarlarımızda yanlış bir zehniyyət vardır. “Həyatımızda və yaxud həyatda belə şey, elə bir şəxs yoxdur” – deyincə “vallah filan adamın başına gəlmiş bir qəziyədir. Gözümlə görmüşəm və eynilə yazmışam” – deyə and içməyə başlayırlar. Bu yanlış bir zehniyyətdir. Bir dəfə bilməlidir ki, müstəsna vəqələr və şəxslər nə mövzu götürə bilərlər, nə tip. Götürülən mövzu yüzlərcə vaqe olan adəti, vəqələrin parçalarından, tiplər də bu xalqın ümumiyyətindən parça-parça götürülüb onun ümumi həyat və məişətini, onun adət və ənənatını, milli etiqadını, psixolojisini təsvir etməli; canlandırmalıdır ki, hər kəs səhnədə bir nəfəri görüncə həmin yüzlərcə elə adamlar tanıdığı xatirinə gəlsin. Cavidin əsərləri oxuculara, xüsusən tamaşaçılara lazımi təsir bağışlaya bilmirlər. Görürsən, Arif çoxdan bəri axtardığı qardaşını qətl edir, ötədə də bir qaç cənazələr yıkılmışdır. Ölülər rəqs edir. Mənzərə o qədər də müdhiş təsvir olunmuş ki, Arifin gözündə hətta ölülər belə rəqs edir. Burada bizcə tamaşaçıların da ruhu, hissiyyatı Vasifin cənazəsi ilə bərabər rəqs etməliydi. Halbuki, həqiqət belə deyildir. Burada ancaq əvvəli Vasif başını qaldırır, rəqs edir, tamaşaçılar isə lazımi qədər mütəəssir edilmədiklərindən, ruhları rəqsə hazırlanmadığından bir dürlü rəqs edə bilmir, hətta Vasifin də rəqsinə gülmələri gəlir. Halbuki əsil məqsəd də tamaşaçıların ruhunu həmin rəqsə iştirak etdirməkdir. Sənət də, sənətkarlıq da həp burasıdır. Məharətli bir yazıçı bu mənzərəyə tamaşaçıları iştirak etdirə bilərdi. “İblis”də isə bu yoxdur. VI “Uçurum”da Göyərçin pək sevdiyi əri tərəfindən rədd edilir, yeganə mədər təsəllisi olan məngəşəsini Bosfora düşürür, tamaşaçıların ruhu qımıldanmır. Göyərçin solğun çiçəkləri bağrına basıb da münəqqişəsini oxşayır. Seyrçi laqeyddir. Halbuki, burada Göyərçinlə bərabər seyrçilər də çıldırmalıdırlar. Bu yoxdur. Bu mənzərə ancaq Cəlala təsir ilə uçuruma sövq edir. Seyrçilər isə burasında belə bitərəfdirlər. Balasın itirmiş bir ananın məlalını xəyallarında bir dürlü təsəvvür edirlər. Amma əsərdən belə təəssürat almadıqları üçün xəyalları, təsəvvürləri də belə xəyal olaraq qalır. Onlar Cəlalı uçuruma sövq edən həyəcanı ala bilməyirlər. Halbuki, əsil məqsəd burası, sənətkarlığı, məharəti də həp elə burası olurdu. Afət Özdəmiri zəhərləyir, maraqlanan yox. Ərtoğrul rədd edilir, əsəbiləşir, çıldırır, mütəəssir olan yox, Afət Qaratay tərəfindən rədd edilir, anlayan yox. Qaratay öldürülür, sevinən yox. Afət intihar edir, mütəəssir olan yox. Bir kəlmə, Cavidin yazılarında tamaşaçılar səhnədəki həyatla yaşamayırlar. Onlarda Cavidin təsəvvür etdiyi əhvaliruhiyyə, lazımi həyəcani-bədii vücudə gəlməyir. lazımi həzzi-mənəvi təmin edilməyir ki, əsərin əsil qiyməti də burasındadır. Belə hallarda tamaşaçıların əhvali-ruhiyyəsini təhlil edə biləcək bir psixoloq olursa, bəlkə də bunun səbəbini anlaya bilər. Biz şəxsən hissiyyatımızı təhlil edərkən belə bir nəticəyə gəlirik. Tamaşaçının bir ya digər hiss ilə məhsus olması bu ya digər hala girməsi üçün Arif ağlayan yerdə ağlamaq, Göyərçin çıldıran yerdə onun ilə iştirak etməsi üçün lazımi şərait vücuda gətirilməyir. Tamaşaçıların ruhu bu ya digər vəqədən lazımi dərəcədə mütəəssir ola biləcək qədər hazırlaşdırılmayır. Halbuki, həyəcani-bədiiyə səbəb olan həzzi-mənəviyyəyi təmin edən şeylərdə həp bu təəssüflər, bu sevinclər və bu kimi tamaşaçının adi halından çıxıb, qeyri-adi bir hala girməsinə səbəb olan şeylərdir. Turgenev “Peqaz”, ya “Mumu” adlı yazılarında bir itin keyfiyyətini onun gənclikdən ayrılıb da qocalması ilə sükutunu o qədər məharətlə təsvir edir, oxucuları o qədər hazırlayır, o qədər mütəəssir edir ki, adətən bütün oxucular sanki Peqaz ilə bərabər qocalırlar. Bütün oxucular Gerasimdən əvvəl üsyan etmək dərəcəsinə gəlirlər. Deyə bilərlər ki, pəki həyatı yaz deyirdin. Cavid də yazmış. Tamaşaçılar mütəəssiz olmuyursa Cavidə nə borcdur. İştə biz bu yerə gəlib çatmağı gözləyir və bu məsələni söylərkən qəsdən burasını sükut ilə keçmişdik. Biz Cavidin yaratdığı həyat təbii olmayıb, süni olduğunu və şəxsiyyətlərin əhvali-ruhiyyəsindəki incəliklərin və mühüm nöqtələrin meydana gəlməsi üçün lazımi şərait vücuda gətirilmədiyini bir yana buraxıb da ümumən söyləmək istərik. Həyatı olduğu kimi təsvir etmək istəyənlər heç bir vaxt fotoqraf olmaq istəməzlər. Əvvəla onlar adi halları deyil, kəndilərini mütəəssir edən hallar götürürlər. Biz hər bir halın, hər bir yazıçıya ruhuna görə başqa-başqa təsir bağışlayacağı məsələsində durmaq istəyirik. Hər bir mənbəi-təsir hər bir yazıçıya onun həyat ümumiyyəsi, xatiratı, əhvaliruhiyyəsi, məslək və əqidəsi üzərində başqa-başqa təsir edə bilər. Məsələn, bir məzarıstanı eyni vaxtda bir qaç yazıçı seyr edərsə, biri onun görünüşündən kədərlənir, digəri bir zövq duyar, xülasə, hər kəs gözləri ilə baxar və bir dürlü görə bilər. Bir şəxsi hər kəs öz qüvvəsinə görə öz istedadı ilə bir cür görə bilər. Biri onu aşiq, biri filosof biri də sadəcə dəli görə bilər. Hər halda götürülüb mütəəssir olunandan sonra yazıçı olan aldığı təəssüratı və öz hissiyyatını təhlil edər... Həmin təəssüratda bu ya digər hissi təhrik edən nöqtələri bulur. Seyrçilərə, oxuculara kəndi duyduğunu olduğu kimi verə bilmək üçün lazım olmayan yerlərini atar, çatışmayan yerlər varsa, həyatın başqa bir yerindən bir parça əlavə edər və bu şeyləri kəndi süzgəcindən keçirib, xüsusən canalıcı nöqtələrini, əsas cəhətlərini elə bir halda meydana atar ki, həm həyat olduğu kimi təbii halında təsvir olunar, həm yazıçı fotoqraf olmaz və beləliklə əvvəldə dediyimiz kimi, bu ya digər qəhrəmanı müdafiə, bu ya digər fikri tərvic məqsədilə əsərlərinin arasından pırtayıb çıxmaz. Tamaşaçılar bu yardıma, daha doğrusu bu vüzulluğa ehtiyac görmədən özlərini həmin əsas nöqtələr, həmin təsir üzrə mühakimə edər, bu ya digərini müqəssir tapar, bu ya digərinə acıyar. Bu, ya digər halda ya ağlar, ya gülər. Bu, ya digər fikri çıxarır. Caviddə isə belə deyildir. O heç bir vaxt canalıcı, psixoloji halları lazımı qədər təhlil edib tamaşaçıların ürəklərini acılayır. Tamaşaçının hissi, qəlbi susur, Ancaq yeni paltara geyindirilmiş əsgi fikirləri əzbərləyərək evlərinə gedir. Qəlb susur, fikir çapalayır. Halbuki, belə birtərəfli əsərlərə əsər, sənət deyilməz. Keçək üçüncü cəhətə: Cavidin əsərlərinin quruluşu pək pozğundur. Məsələn, baxınca ya oxuyunca insan bir çox neçinlər arasında boğulub qalır. VII Şəxslərin keçmişləri, kim və nəçi olduqları, ümumən mahiyyətləri bəlli olmadığı kimi, tiplər bir qaç əsas təriflə də olsa təkmil edilməyib, qırıq və natamam qaldıqlarını və hər kəs əsərdə bir (?) təşkil etdiyi kimi hərəkətlərinin də səbəbləri birər müəmmadan ibarət olub qalır ki, nəticə etibarı ilə tamaşaçı bir çox neçinlər arasında boğulub qalır. Bütün ötələr, adətən, otel şəklini daşıyır. Bir taqım adamlar gəlirlər, gedirlər. Neçin? Bilinmir. Bir taqım adamlar qonuşuyor, çox vaxt kimlikləri də anlaşılmayır. Gecikmiş Qaratayı maarif müdiri buraxıb içməyə gedir. Afət ilə söhbət bitincə gəlib qonağı evə dəvət edir?! Yıldırım, Əkrəm hər daim birər məhrəm kimi Cəlalın evində fırlanırlar. Bunları məhrəm edən nədir, bilinmir. Anjel Fransadan gəlib qəbul otağında ufaq bir sevişmədən sonra atasının evidirmiş kimi, ötəki otağa keçir. Ora getmək lazım olduğunu nerədən bilirmiş əcəba? İnsanlar hərə birini sevir, başqasını alırlar. (Ərtoğrul – Alagöz). Birini sevirkən başqasına gedirlər (Göyərçin – Cəlal). Bir yığın adam həpsi Fransaya göndərilir. Oradan geri həpsi İstanbulda bir saatda xəbərləşmişlər kimi bir otağa doldurulur. Burada da həpsi sürü ilə çıldırıb bir göyə toplanırlar. Hətta Yıldırım da Anjeli qaçırıb ora gəlir. Bunlar (zakaznoy) kimi təsir bağışlayır. Adamlar təbiilik istədiyi kimi deyil, Cavidin arzu etdiyi yerdə bu ya digər hərəkəti icra edirlər. Səbəbləri isə bəlli deyildir. Neçin? Neçin? Neçin? Səbəb yox, cavab yox. Halbuki, təbii əsərlərdə hər hərəkət bir səbəb arxasında olmalıdır. Cavid isə adətən bu cəhətləri unudur. Çox vaxt “Iblis”də olduğu kimi, bir yığın əlaqəsiz vəqələr və ümumən olduğu kimi bir yığın keçmişi, kimliyi mübhəm adamların bir araya toplanmasından bütün dünyanı, həyatı və təbiiliyi unudaraq əsər vücuda gətirir ki, bu da arzu edilməyən bir haldır. Deyə bilərlər ki, bir realizm arşını alıb da romantizmdən yaxa qurtarmamış Cavidi ölçmək doğru olmaz. Müəyyən məktəb, ədiblər vardır ki, hər millətin tarix, ədəbiyyatında olduğu kimi, bizimkindən də təkrar edilməlidir. Əvvəla, Cavid sırf romantik bir yazıçı deyildir. O gah romantik, gah idealist, gah realist kimi sentimentalistdir. Fəqət Cavid kim olursa, hankı məktəbə mənsub bulunarsa həmin məktəblər üsulu ilə yazdıqlarına müvəffəq olmuşsa-olmamışsa fərq etməz. Şimdi Cavid var. Yazıyor. Ən doğru məktəbi-ədəbi indilik realizmidir və biz də hər kəsi bu arşına ölçər və yazıçılarımızın da bu münval ilə yazmalarını arzu edərik. Keçmiş şairlərimiz başqa! “Məktəblər bizdə təkrar etməlidir” nəzəriyyəsini də qəbul etmirik. Çünki bunsuz da mümkündür. Bizdə lojno klassik dövrü gedirkən Sabir birdən-birə realizmə atıla bilmiş. Nərimanov öz “Pir”ini realizm ilə yaza bilmiş, müvəffəq də olmuşdur. Bu nəzəriyyə millətlər arasında əlaqə, güc olduğu zamanlar doğru olsa da, indiki əlaqə ilə başqa millətlərin ədəbiyyatından təcrübə almaq mümkün olduğu bir zamanda onu iddia etmək yersiz, bəlkə də gülüncdür. Cavidin təqdim ediləcək müsbət cəhətləri də yox deyildir ki, bunları qeyd etməməklə həm yazdıqlarımız birtərəfli olur, həm də Cavidin haqqını inkar etmiş olurduq. Caviddə su kimi duru, almas kimi saf, parlaq və oynaq bir lisan vardır ki, bu islahına çalışan lisanımızın təkamül özülü ola biləcəkdir zənnindəyik. Zatən, bir millət üçün lisanı onun şairləri, ədibləri yaradırlar ki, Cavid də bu cəhətdən qiymətlidir. Bizcə, Cavidin orta bir yol götürmüş lisanı Azərbaycanda tətbiq ediləcəyi kimi, ərəbləşmiş Fikrət və Hamid lisanlarını da meydandan sıxıb çıxaracaqdır. Caviddə hər kəsi məftun və əsir edəcək bir qüvvəyi-şeriyyə vardır. Zatən, əsərlərinin ən böyük gözəlliyi və qüvvəti də burasındadır. Bizcə, “Afət”in bu qədər zəifliyi nəsr olmasındadır. Tamaşaçılar adətən səhnəyi unudur. Cavidin şeirlərindəki gözəlliklə əylənirlər. Biz bu şeir və lisanı ümumtürk aləmi-ədəbiyyat səhnəsinə xüsusi malımız kimi çıxara bilərik. Caviddə bir də bir fəlsəfə vardır ki, bu, ədəbiyyatda bir əsas olmasa da, hər halda bir məziyyət kimi götürülərsə, əsərlərinin qüvvətlənməsinə yardım edir. Bu fəlsəfələrin həpsi yeni olmasa da, hər halda yeni və gözəl bir şəkildə meydana çıxarılır ki, bu da bir fəzilət və məziyyətdir. Hər halda bu fəlsəfələr müxtəlif əsərlərdə bir-birinə təzad təşkil etsələr də, Cavidin əsərləri fikir və fəlsəfə cəhətincə bir-birinin mütəmmimi olsalar da, olmasalar da, bizcə, Cavid üçün bir nöqsan olmazlar. Nə isə, bu qədər yazdığımız müsbət və mənfi cəhətləri belə bir cümlə ilə nəticələndirmək istəyirik. Ümumiyyətlə, Cavidin şeirləri, lisanı və fəlsəfəsi, səhnə əsərlərində yarpaqdan məhrum bir ağaca sancılmış allı-yaşıllı çiçəklərə bənzəyirlər, bu ağacın yarpaqlanmasını və təbii bir hal, gözəl bir görünüş almasını arzu və ümidlə bərabər məqaləmizin ümumi qismini bitirirkən, istər ümumən sənət və ədəbiyyat, istərsə Cavid və onun əsərləri xüsusunda yeri gəldikcə, parçaparça, dağınıq bir halda fikirləri aşağıdakı bir qaç sətirdə toplayır və xülasə edirik. Sənət oxuculara, seyrçilərə və dinləyicilərə həzzi-mənəvi həyəcani-bədii təmin etməkdir. “Sənət sənət üçündür” mücərrəd deyil, eyni halda həyat üçün də olursa, həyatda xidmət edə bilərsə, daha gözəl və mükəmməl olmuş olur. Fəlsəfə sənət üçün bir əsas deyil, bir məziyyət ola bilər ki, belə olunca fəlsəfələr köhnəlsə də, əsərin əbədiliyinə ziyan toxunmaz. “Ədəbiyyat” cəmiyyətlərin ifadeyi-hal və keyfiyyətidir” cümləsini mükəmməl görmür və onu təbiət və sairəni də nəzərə alaraq, ədəbiyyat mühit və cəmiyyətlərin ifadeyi-hal və keyfiyyətidir” şəklində söyləyirik. Sənətkar mühit və həyatı əhvali-ruhiyyəsi və qüvvəsi ilə əlaqədar olaraq götürdüyü kimi, təsirat və hissiyyatını təhlil edib vəsfasasisini bulunca həyəcanibədii oyandırıcı bir tərzdə nəql etmək ilə iktifa etməlidir. Şair yaşadığımız aləmi-həyatın parlaq bir mükkisidir. Xüsusilə Cavidə gəlincə: Bir şair kimi Cavid daxili, mənəvi həyatı ilə məşğul olub, xarici həyatımıza, mühitimizə və xüsusən xalqımız ilə yaşamayır ki, bu birtərəflilik və nöqsandır. Cavidin əsərləri mühit və cəmiyyətimizin ifadeyi-hal və keyfiyyəti deyildir. Cavidin tipləri mənsub bulduqları cəmiyyət və millətlərin vəsafi-əsasinə, xüsusiyyətlərinə zidd nöqtələri havidirlər ki, bu xüsusiyyətlər mənfi də, müsbət də olsa, onlarla hesablaşmalıdır. Cavid hal-hazırda ədəbiyyatımızın yoxsulluğu içində böyük bir mövqe tutur. Onun “Sənan”, “Uçurum”, “İblis” və “Afət” olmaq üzrə əsərlərində görünən eniş pilləsi “Sənan”dan sonra son əsəri olan “Afət”ədək varmış süqutu H.H. kimi bir çoxlarını da görülən təşvişə hələlik ehtiyac hiss etdirmiyor. Bir yazıçının həyatında bilə hallar ola bilər. Biz burasını bir ziqzaq enişi kimi görmək istərik. Biz burasını daha müdhiş, daha qüvvətli yeni hücum üçün sahildən uzaqlaşan dalğaların ricətinə bənzətmək istərdik. Biz Cavidin kəndisində bulunduğuna şübhə etmədiyimiz istedad dənizlərinin dərinliklərindən yeni qüvvət alıb hücum edəcək və xalqımıza mühit və həyatımızın qoynundan doğmuş bir və dilbərədəbi təqdim edəcəyini ümid və arzu edərik. * * * “Ölülər” əsəri haqqında Əfəndilər! Hər kəsə bəllidir ki, daim, hər halda çox vaxt məhkəmələrdə iki mübariz tərəf: müddəi-ümumi və müdafiələr bir-birilə çarpışır və nə vasitə ilə olursa olsun yekdigərlərinə qalib gəlmək istəyirlər. Müddəi çox vaxt həqiqət və ədalətlə belə hesablaşmadan müttəhimin hər bir işini, sözünü və hərəkətini fənalığa yozar və müttəhimin məhkum edilməsinə çalışar. Eynilə müdafiələr caniliklərini açıq bildikləri bir adamı belə müdafiə edərkən bütün fəna hərəkətlərini bilərək yaxşılığa yozmağa, cinayətləri örtüb-pərdələməyə və nə vasitə ilə olursa-olsun müqəssiri pak, təqsirsiz çıxarmağa çalışarlar. Burası hər iki tərəfin bir növ vəzifələridir. Fəqət bu gün mən arzu edərdim ki, heç bir tərəf yoxdur. Mütəəssiblüyə qapılmayıb bir haqq, bir ədalət naminə mühakimə yürütsün, heç kəs bilərik haqdan qaçmasın və böyləliklə bu gün müttəhimlər sandalyasında oturmuş. İskəndərin əsl siması aydınlaşıb araya çıxmış olsun. Biz buna söz veriyor və əhd ediyoruz. Həmin bunu, bu bitərəflik və ədaləti də müdafiə vətəndaşlardan gözlər, ümid və arzu edəriz. Nemətlərindən istifadə etdiyi mühitin bir yavrusu bir fərdi doğurur, bəsləyir, yaşadır, böyüdür, tərbiyə edir, öz-özünü idarə edə biləcək, dolandıra biləcək bir insan halına döndərir ki, bunlar həpsi həmin şəxsin möhtac dövrlərində dirilmiş bir borcudur. Alınan bir borc, şübhəsiz ki, qaytarılmalıdır. Bunu inkar etmək olmaz. Həm də bu borcun məqsədi nasıl olmalıdır? Təbiətdə ümumi bir qanun vardır. Təsir əks təsirə müsavidir. Bu qanun dediyiniz məsələdə də işlədəcək olursaq, böylə şəkildə deyə biləriz ki, hər bir fərd üçün nə qədər artıq zəhmət çəkilmişsə, o qədər də artıq zəhmət çəkməli, nə qədər artıq faydalanmışsa, o qədər artıq fayda verməlidir. İnsan adlı bir təbir meydana çıxıyor ki, onun da mənası belədir: Sən bəşəriyyətin bir üzvünü, onun illər boyu qazandığı təcrübələrindən, tərəqqi və təalisindən istifadə etmişsən. Sən ona bir mənfəət yetirməlisən. Sən içində bulunduğun xalqın bir üzvü, ölkənin bir yavrususan. Onun biliyindən, ruzisindən, ab-həvasından istifadə etmisən, ona bir mənfəət verməlisən. Həm də bu mənfəət aldığın faydanın miqdarına çox da olmazsa, bərabər olmalıdır. İştə buradan tarixdə öylə qüvvətli simalar təsadüf ediyor ki, bütün varlığını xəlqə borclu olduğunu hiss ediyor və kəndisini unudub varlığını da həmin xalqa vəqf ediyor. Fəqət öylə simalar da vardır ki, onlar deyil ki, öz vəzifeyiictimaiyyətlərini ifa etməyir, xalqa, cəmiyyətə bir fayda gətirməyir, hətta bir çox zərərlər də toxundururlar. Bu adamlar aldıqları borcu, aldıqları şeyləri qaytarmadıqları üçün... toxundurduqları zərərlər içində bir canidirlər. İştə böylə simalardan biri də bu gün müddəilər skamyasında qarşınızda oturmuş kefli İskəndərdir. O, bu gün qarşınızda gördüyünüz, uzun illər uyğudan sonra göz açmış və kəndisini XX əsrin tərəqqi və təkamülünə qarşı yoxsul, gücsüz və qaranlıqda bulmuş zavallı, halına ağlanacaq şaşqın bir mühitin oğludur. Mən burada asanlıq üçün xalqı, cəmiyyəti bir ailəyə, ailəni də Hacı Həsən əmi olmaq üzrə bir şəxsin simasında toplayıb ümumi nəzəriyyələrdən ayrılmaq və həqiqətin içinə girmək istərəm. Hacı Həsən əmi kəndi avamlığına, qaranlıqda parçalanmasına baxmayaraq, həmin bu İskəndəri min cür nazla tərbiyə etmiş, böyütmüş, gecələr yatmamış, qazanmış, ona yedirtmişdir. Fəqət Hacı Həsən əmi bununla iktifa etməmiş, İskəndəri başlı-başına buraxmamışdır. Onu məktəbə göndərmiş, illərlə oxutmuşdur. Bulunduğu dairədəki hər kəslə bərabər bir yüksəkliyə qaldırmışdır. Mühiti nəzərə alarsaq, deyə bilərik ki, bununla Hacı Həsən əmi öz atalıq vəzifəsini ifa etmişdir. Fəqət Hacı Həsən əmi adi atalar və yaxşı bir ata olmaqla da iktifa etməmiş, o öz oğlunu daha gözəl tərbiyə etmək istəmiş, ağırlığınca pul qoymuş, onu ta Firəngistana qədər göndərmişdir. 7 il onu orada oxutmuşdur. Bu bizim vəqtimizdə bir qədər qəribə gəlməyir. Fəqət mən istərdim ki, buradakı adamların təsəvvüratı bir qədər geniş olsun və həmin bu mühit içinə girib görsün ki, Hacı Həsən əmi bununla nə kimi böyük bir fədakarlıq göstərmişdir. Şübhəsiz, tanışlarbilişlər, Hacılar onu töhmətləndirmiş, oğlunun kafir olacağı ilə qorxutmuş, o, zavallı oğluna nə olacağı xəyalilə gecələr uyuşmamış, Allah mənim oğlumu yoldan sapdırma, ona kömək ol, mənim üzümü xalq içində qara eləmə deyə bəlkə də bir çox uyğusuz gecələri ağlamışdır. O bu kədərlər, şübhələr içində “Allah sənə pənah” – deyə kəndisinə təsəlli vermiş və oğlunun qayıtmasını gözləmişdir. O, istəyir ki, onun oğlu oxusun, böyük, adlı bir adam olsun və o da qoca vaxtında öz oğlunun əqlilə, adı ilə iftixar etsin, lovğalansın. Qoy bunu kimsə onun fənalığına yozmasın. Qoy burada olan vətəndaşlardan ata olmayanlar psixologiyaya ata olanlar kəndi ürəklərinə müraciət etsinlər və görsünlər ki, bu hər bir atada təbii bir atalıq hissidir. Xüsusilə Hacı Həsən əmi tək bunları da düşünməmiş, o deyil, müsəlmanları oxumadıqları üçün töhmətləndirir... Qoy müsəlmanlar da oxuyan olsun, burada bir vətəndaşlıq, dindaşlıq, nə isə ictimai bir duyğu bir rəng də vardır. Soruyoram mən hər kəsdən ki, bu yoxsul, zavallı mühitdə bundan artıq nə yaxşılıq, nə atalıq haqqı gözləmək olar?! Hətta vəqtimizin ataları belə, iki faiz böylə atalar göstərə bilməzlər ki, hər hansı bir fransız, ya ingilis öz oğluna bundan artıq əmək sərf etmişdir. Hacı Həsən əmi öz atalıq vəzifəsini bir qədər geniş ölçüdə götürüb, mühit, İskəndər xüsusunda öz vəzifəsini artıqlamasilə ifa etmişdir. İştə on il keçir, İskəndər Firəngistandan dönüb gəliyor, Hacı Həsən əminin ürəyi döyünür, çünki bu qədər çəkdiyi zəhmətlərin töhmətlərin, iztirabların hədərmi, yerlimi olduğu, ümumiyyətlə nəticəsi şimdi anlaşılacaqdır. Hər kəs maraqlanıyor ki, əcəba İskəndər nə olmuş qayıtmışdır. Zatən şimdi də hər kəs maraqlanıyor. Fəqət mən sizi maraq içində boğmamaq üçün əvvəlcədən söyləyirəm. Bilirmisiniz İskəndər nə üçün qayıtmışdır? Hakim əfəndilərin müsaidəsilə kefli İskəndər ki, mühitin ona verdiyi bu adı təhlil etdikdə əxlaqsız, tərbiyəsiz, işsizgücsüz, tənbəl, birisinə it küskürər, o birisini yalandan aldadar, çocuqları yoldan çıxarıb səfalətə alışdırmağa çalışar, mühitin adətlərilə ənənələrilə hesablaşmaz, heç bir sözün yerini, heç bir hərəkətin vaxtını bilməz, başsız-ayaqsız bir səfil, bir sərxoş qarşısında mühiti, bu bədbəxt, qaranlıq xalqı cəhalət didiyor, əziyor, parçalayor, məhv ediyor, möminlərlə Şeyx Nəsrullah bu bədbəxtləri aldadaraq namuslarına toxunuyor, irzlərini-namuslarını canavarlar kimi çamurlara çırpıb tapdayor, bunların həpsini görüyor, bir ölü kimi hərəkətsiz qalıb ona müəyyən bir yol göstərməyir, onun üçün çalışmayır, xalqın səadəti üçün bir diləyi yox, bir ideyası yox, ictimai işlər üçün bir projesi yox, öylə səfil bir halda diyirlənib gediyor. Fəqət əfv edərsiniz. “İskəndərin bir idealı, diləyi yoxdur” – deyincə, mən burada bir haqsızlıq tapdım. Hər halda İskəndərin bir diləyi, bir idealı vardır. O da bilirmisiniz nədir? Bir şüşəni səhərdən içib axşama kimi, o biri şüşəni də axşamdan içib səhərə kimi keflənmək və İsrafil surini çalıncayadək ayılmamaq. Əfəndilər, mən bilirəm və siz şimdicə görərsiniz ki, müdafe əfəndilər deyəcəklər ki, İskəndəri içməyə məcbur edən mühit özüdür. O, mühitdə gördüyü rəzalətləri, qaranlığı görmiyor, mühit onu anlamıyor, o da bütün bu fəlakətləri alkoqolla sərxoş qoynunda boğmaq, xırpalamaq istəyor. Əvət mən əvvəlcə dedim ki, yürüdəcəyimiz mühakimələr bitərəflik və ədalətdən ayrılmalı, haqlar etiraf edilməlidir. İştə mən də sözümə sadiq qalıyor, hətta etiraf ediyor və deyirəm: mühit İskəndəri anlamayor. Fəqət qoy buna qarşı hər kəs, xüsusilə müdafe əfəndilər əllərini vicdanlarının üzərinə qoyub etiraf etsinlər ki, İskəndər özü də mühiti anlamayor, anlamağa çalışmayor, anlamaq istəmiyor. Xalq etiraf edir ki, o qaranlıqdır, anlamayor. Bu onun üçün bir o qədər də ayıb deyil və bir günah da deyildir. İskəndər 10 il Firəngistanda oxuyub gəlmiş, heç şübhəsiz, bu avam mühitdən yüksəkdə olacaqdır və Parisdə götürdüyü XX əsrin pək uzaqlara getmiş fikrini, fəlsəfəsini, Nuh dövrünü yaşayan xalqa birdən söyləyərkən o anlamayacaqdır, ürkəcəkdir. Cəhalət xalqı parçalayır. Burada mübarizə gərəkdir ki, gecələr uyumasın, müəyyən yollar, planlar düzəltsin. Bütün varlığilə ayıq bir fikir, düşüncə ilə xalqın içinə atılıb onun ruhunu, adət və ənənələrini, tradisiyasını, psixologiyasını bütün dərinliklərinə, görülməz incəliklərinə qədər öyrənib onu təhlil etsin və bunlar üzərinə gecələr uyumayıb müəyyən planlar qursun, yollar düzəltsin və gündüzlər haman yolları xalqın anlayacağı bir tərzdə həyata keçirsin, xalqa anlatsın, öyrətsin, xalq üçün bir müəllim olsun. Fəqət İskəndərdən böylə başyorucu şeyləri sormayın, zatən bunları düzəltmək üçün ayıq bir vaxtı yox ki! O, böylə cəfəngiyata baxmaz. O, hər şeyi təsadüfi görmək istər. O, sistema, üsul-filan tanımaz. Yolunda yaxşılıqdan başqa heç bir şey etməyən, kəndisini heç bir şeydə müqəssir bilməyən Hacı Həsən əminin yanına gəlir və heç bir söz demədən, səbəbini anlatmadan birdən başlar: tfu sənin üzünə! H a c ı Nəcəfəliyə yetişir, heç bir söz demədən mars-mars, kus-kus deyə itə yedirtmək istəyir. Axı neçin? Səbəbi bəlli deyil. İskəndər özü bilir. Və yaxud iki aydan sonra gedib qəbiristanda ölülərin məzar daşlarına nəsihət söylər. İştə İskəndərin bütün mübarizəsi “mühit onu anlamayır” – deməklə buradan çıxılmaz hər bir yenilik, hər daim kəndisinə bir çox rəqiblər bulmuş və ancaq böyük sistematik mübarizələrdən sonra, anladandan sonra təzvic edilə bilmişdir. Bu gün mühiti təqsirləndirəcək və İskəndəri haqlandırmağa çalışacaq. XX əsrin oğulları olan müdafiələr qəti deyə bilərlərmi ki, yarın onlar özləri bir İskəndər qarşısında qalınca H a c ı Həsəndən daha fəna bir vəziyyət almayacaqlar. Təsəvvür ediniz güzdəkli... oğlu Səməndəri böyük zəhmətlərlə Petroqrada oxutmağa göndərmiş ki, gəlsin adətən bir insan olsun. Səməndər getmiş, 10 ildən sonra Güzdəyə qayıtmış, fəqət nə cür qayıtmış? Bütün paltarlarını soyunmuş, lüt madərizad o kəndin içində gəziyor. Bir qonaqlıqdan gələn anasını küçənin ortasında yaxalamış və birdən birə: tfu sənin üzünə! Kim ona dəli deməz? Hətta müdafelərin öz başlarına bu iş gələrsə, ona dəli deməyəcəklərinə söz verə bilərlərmi? Fəqət bu adam dəli deyilmiş, bilirmisiniz nə imiş? Bir fotoqrist imiş. Anasının da üzünə onun üçün tüpürürmüş ki, neçin başına ipək yaylıq bağlamış, köynək geymiş. Halbuki o bir təbiətin qızıdır, çılpaq gəzsə daha gözəl olur. Biz heç kəsə istədiyi fikirdə olmasını yasaq etməyirik. Fəqət hər kəs etiraf edir ki, yeni bir fikri təzvic üçün keflənməyib çalışmaq o fikrinanlatmaq lazımdır. İskəndər mühit üçün bir müəllimdir. Şübhəsiz, mühit onu anlamayacaqdı. Mühit onu anlayacaq dərəcədə olursa, xalqın idrakı onun yüksəkliyində olursa o zaman kimə lazım idi. İskəndər cəhənnəm olub getsin, şüşə ilə deyil, istəyirsə boçka ilə içsin. Əsl dərd orasıdır ki, mühit ondan aşağı, o isə bir müəllim vəziyyətindədir. Nəhayət,söylədiyimiz hal ki, məktəbə bir müəllim göndərilərkən, mütəəllimlər əvvəlcədən həmin müəllimin bildiyi dərəcədə öyrədilir. O zaman kimə lazımdır müəllim. Müəllim bilməyənlərə, anlamayanlara gərəkdir ki, gəlsin, müxtəlif yollar, vasitələr ilə bir yol, beş yol, yüz yol desin, anlatsın, öyrətsin. Yoxsa müəllim içəri girəcək: Həsən – 5! Kərəm – 5! Müəllim başlayacaq: “Tfu sizin üzünüzə! Mənə bir küp şərab, bunlar məni anlamayırlar.” Bu bir cəhəti, fəqət bizim əlimizdə tutarlı sənədlər vardır ki, İskəndəri kefli halına salan mühit deyil, onun keyf mayişadan alkoqola alışdığıdır. O, mədəniyyətin özünü belə alkoqola dəyişir. İskəndər evdə, təklikdə oturub düşünür: nədir elm? “Elm ona deyərlər ki, bir adam bu şüşəni çəksin başına, həpsini içsin”. Bu onun xüsusi düşüncəsidir ki, heç kəsə dəxli yoxdur və təkliyində İskəndərin düşündüklərini bir şeyə qarşı nümayiş kimi götürmək olmaz. İştə böyləlik ilə İskəndər bütün varlığını alkaqolun müdhiş pəncəsinə tapşırmış, heç bir vəzifəyi-ictimaiyyəsini ifa etməmiş, mühitdən aldığı faydaları da, borcları da bir midvər kimi mənimsəmiş, qaytarmamışdır. Mühit mübarizələrə möhtac ikən o heç bir yaxşı iş görməmişdir. Hətta İskəndərin qarşısında cinayətlər işlənir. Şeyx Nəsrullah hər gün məsum, zavallı bir yavrucuğun namusunu tapdayır, İskəndər susuyor. Heç bir əməli, qəti, təşəbbüsə girişməyir, halbuki, bu mümkün idi də. Şeyx Nəsrullah ölüləri diriltməyi iddia edirdi. İskəndər bilirdi ki, bu yalandır. Orada xalqa bu yalanı anlatmaq üçün böyük fədakarlıqlar lazım idi. Bir igid istəyirdi ki, bu kor xalqın qarşısına çıxsın və şeyxə söyləsin ki, şeyxanə, bu ölülərin həpsini dirilt, ya Heydər ağanı öyrədib göndərə idi ki, get ölülərini diriltməyi xahiş et. Şeyx bunu bacarmayacaq və yalanların üstü açılacaq, cinayətləri aradan qalxacaqdı. İskəndər bunu etməyir, çünki ayıq deyil idi. O, hər şey bitəndən sonra sallana-sallana durub gəlmiş və toydan sonra nağara və ruslar demişkən “Posle draki kulakami maşet”. Ölülərə vəz ediyor. İskəndər... ümumi ölçüdə çalışmayır, hətta bir ailəyə də təsir edəməyir. Çünki tanındığı qiyafətlə onu kimsə tanımaq istəməz, ona kimsə etibar etməz. İskəndər yalançıdır, duyğusuz və canidir. Bacısını müdafiə etməyə söz vermişkən bir fəlakətə məruz qalmış, zavallı yavru son gündə hər yerdən əli üzülmüş, bircə ona ümid edər, ona iltica edər, ondan müdafiə gözləyirkən. “Gəl-bacım, mən ölmədikcə səni kimsə məndən ayırmaz” – deyə qollarını açıb onu qucmaq və qəhrəman kimi araya atılmaqdansa onu kobudcasına itələyib yıxır, fəqət İskəndər qollarını açıb qucuyur da. Həm də qucduğunu şübhəsiz ki, bilirsiniz nədir: Haman şüşə ki, bütün varlığı ondan ibarət bulur. Bəzilərində öylə bir nəzəriyyə var ki, nəhayət, şeyxin torları açıldı, İskəndərin fikri qalib gəldi, İskəndər qalib gəldi. Xalq anladı ki, İskəndər haqlı imiş. Bəlkə bu özü də bir metoddur. Fəqət bu yanlış bir nəzəriyyədir. Əvət şeyxin fırıldaqları açıldı. Həm də bir çox məsum qızlar çeynənəndən sonra açıldı. Fəqət bunda İskəndərin iştirakı olmadı, qalib gələn İskəndər deyildi, bir təsadüf idi. Xalqın anladığı İskəndərin fikri deyildi, bəlkə şeyx Nəsrullahın fırıldaqları idi. İskəndər olmasaydı da bu fırıldaqlar açılacaq idi. O, burada arabanın beşinci çərxi də ola bilməmişdir. İskəndər bütün o cinayətlərə qarşı susmuş, özü də bir cani olmuşdur. Bəziləri, xüsusilə İskəndər özü də düşünə bilər ki, pəki H a c ı Baxşəli də cəmiyyət üçün, xalq üçün çalışmayır, onu nə üçün mühakimə etməyirlər. “Şərab da içirəm özüm bilirəm, can mənim, cəhənnəm tanrının” Fəqət onun üçün mütəəssüfanə olaraq burası böylə deyildir. Qanun kodekslərində bir qanun vardır. Bir nəfər Səməndər keflənib, ya da hətta dəli olub öz evini yıxarsa, ola bilər ki, onu cəzalandırsınlar, ola bilər ki, bir növ əfv etsinlər. Fəqət həmin Səməndər keflənib öz evini yıxarsa və onun üzərinə köydəki evlərin həpsi od alıb yaxılagülə dönərsə, Səməndər mütləqa cəzalanmalıdır. Onu heç bir qanun əfv edəməz. Şimdi baxalım İskəndər keflənməsilə yalnız öz evini yaxıyor. Çünki dediyimiz kimi şərait böylə düşmüş ki, İskəndər Firəngistandan qayıtmış, xalq mədəniyyətinin, elmin, maarifin nə olduğunu bilməyir. İskəndər həmin mədəniyyətin, maarifin yeni fikirlərin bir timsal mücəssəmi kimi görünür. Ona baxacaq mədəniyyətə öz münasibətini təyin edəcəkdir. Bu bir həqiqətdir. İskəndər bir nümunədir ki, onu görüncə hankı bir axmaq öz oğlunu Firəngistana göndərəcəkdir. Xalq anlamış, daha doğrusu, İskəndər onlara anlatmış ki, oxuyanlar Allahı, peyğəmbəri tanımaz, gecə kefli, gündüz kefli, böyük bilməz, kiçik bilməz, əxlaqsız, tərbiyəsiz, işsiz-gücsüz bir sərsəm olaraq, küp dibində yatacaqdır. Bunu görən H a c ı Həsən on il əvvəl oğlunu Firəngistana göndərmişdi. Bilirmisiniz nə düşünür, nə qənaət hasil etmiş... Nə oluyor, nə düşünür mən onu sizə təcəssüm etdirmək istərəm... İştə qoy, canı çıxsın, zavallı mollaların ölsün, qaranlıqda məhv olsun. Çünki İskəndər bütün mədəniyyəti, bütün elmi, maarifi, onun əsl məna və əhəmiyyətini məhv etdi. İskəndər onların ölümünə bais oldu. İştə buna görə də İskəndər Firəngistanda keflənib qalsaydı, öz evini yaxmış olurdu, fəqət gəlib bu zavallı mühit içində keflənmiş, minlərlə evləri yaxmış, ailələri məhv etmiş, minlərlə zavallı cəlladların qaranlıq pəncəsində can çəkişməsinə səbəb olmuşdur. Ona görə bu gün ona bəraət qazandırmaq istəyənlərəsə, bütün gəncliyin haqqı vardır ki, qalxıb bir səslə bağırsın: Qaldırın onu mühitdən, o bizə gərək deyildir. O gələcək nəslin qatilidir. O, Şeyx Nəsrüllahdan daha bədtər canidir. Yolları ayrı, fəqət hədəfləri birdir. Şeyx Nəsrullah xalqı elmdən uzaqlaşdırıyor, qaranlıqda boğuyor. İskəndər elmi xalqdan uzaqlaşdırıyor, xalqı tapdayor, öldürüyor, məhv ediyor. Mən sözümü bitiriyor və əsl mühakiməyi möhtərəm hakimlərə tapşırıyoram, qoy onlar özləri kəsdirsinlər, kim daha böyük müqəssirdir? Müəyyən bir psixoloji xəstəlik nəticəsində cinayətlər işləmiş və bu mühitə bir şey borclu olmayan Şeyx Nəsrullahmı? Və ya mühitdən böyük faydalar alıb ona bir çox şeylər borclu olan, eyni vaxtda zavallı xalqı bir qaranlığa doğru sürükləyən, gələcəyin, gəncliyin qatili kefli İskəndərmi? * * * İsgəndər Hacı Həsən oğlunun təqsirnaməsi Böylə bir zamanda haman şəhərdən – Məhşəddən Nəsrullah adlı bir ölüdirildən şeyxin zühuru və bir neçə gün haman şəhərdən keçib gedəcəyi haqqında bir məktub alınır və bir neçə gün sonra məzhur şeyx bir nəfər Şeyx Ə h m ə d adlı yoldaşla şəhərə varid olur. Mərhum ölülərinin dirilməsi həvəsilə mədhuş olan şeyxi böyük bir ehtiram və məsərrətlə istiqbal və qəbul edir. Şeyxin füsunkar natiqəsi və avamfirab hərəkətləri bütün şəhər əhlini, o cümlədən avam və sadədil Hacı Həsən əmiyə də iğfal ediyor. Şeyx öz hiylə və iğfasında müvəffəq olduğunu görüncə avam camaatın irz-namusuna belə əl atır, gecədə bir məsum qızı nəfsi-heyvaniyyəsinə fəda ediyor. Onların həyatlarını əbədilik zəhərləyir. Bu işlərin həpsini İskəndər görüyor, anlayor və yalnız bir tamaşaçı olaraq qalıyor. Nəhayət, sonra İskəndərin 9 yaşlı bacısı zavallı Nazlıya gəlincə Nazlı bu şeyxə varmaq təklifindən imtina ediyor. Ata-anasının israr və təhdidlərinə qarşı ağlayır, sızlayır, heç birisinə sözünü anlatmadığından qardaşının onu müdafiə edəcəyini və şeyxin qucağına düşmək fəlakətindən onu qurtaracağını ümidlə son bir çarə, bir nicat olaraq “qardaşım razı olursa gedərəm” deyir və haqlı olaraq qardaşının onu qurtaracağı xüsusində verdiyi vədlərə güvənir və böylə bir halda kəndisini şərab şüşəsini başına qondarmaqla məşğul olan qardaşının ağuşi-himayəsinə atmaq istəyir. İskəndər isə onu birəhmanə bir surətdə itələyib yerə yıxır. Zavallı qıza heç bir yardım və müavinət etməyir. Bu aralıq bir təsadüf nəticəsi olaraq şeyxin hiylələri anlaşılır, fəqət bundan əvvəl şeyx qaçmış imiş, nə qədər bir hiss təsadüf olaraq Nazlı şeyxin şəhvaniyyəsi, nəfsaniyyəsi qurbanı olduğu təzahür ediyor və şeyxin hərəmxanasında ağlar bir halda tapılırlar. Demək cinayət irtikab olunmuş, onu İskəndər bilmiş, görmüş və qaytarmaq üçün heç bir şey eləməmişdir. Bu da İskəndər! Binaənəleyh İskəndəri alim və ziyalı bir şəxsiyyət olmaq hissilə kəndisinə yaraşmayan işbu hərəkət və təbiətindən dolayı aşağıdakı qərar üzrə müttəhim ediyor və müqəssir görürük. ƏVVƏLA, İskəndər əxlaqca zəifdir. Çünki hər zaman sərxoşdur. Hər kəsə qarşı tərbiyəsizcəsinə hərəkət ediyor və hətta atalıq vəzifəsində ona qarşı heç bir qüsuru olmayan ixtiyar atasının üzünə tüpürür, hər kəsə sataşır, mənasız olaraq it küskürür və bu kimi hərəkətlərlə əyləniyor. Yalançıdır, bacısına şərab içməməyi vəd etmişkən sözündən qaçıb içir. SANİYƏN, iradəcə zəifdir. Çünki qövlü ilə feli bir deyildir. Sözdə dediyini, fikrində düşündüyünü həyatda tətbiq üçün özündə qüvvə, cəsarət görməyir. Bacısı Nazlıya o qədər də ciddi bir şey yoxkən yaşadıqları mühitdən çıxıb getməyi təklif etdiyi halda sonradan fəlakət gəlincə yardım belə etməyir. SALİSƏN, canidir. Çünki Şeyx Nəsrullahın cinayətlərinə qarşı imkan varkən bir ciddi təşəbbüs və hərəkətdə bulunmayır. Nazlı kimi məsum və zavallı qızların bədbəxt olması faciəsinə yalnız bir tamaşaçı olaraq qalıyor. Hətta Nazlını belə rədd ediyor. Bunun üçün qanun, ədalət böylə bir şəxsiyyəti başqa birinə ibrət olmaq üçün cəzasız buraxmaması qətiyyən mətlubdur. Binaənəleyh İskəndəri deyil, yalnız əxlaqsız və bir insan kimi zəif bir şəxsiyyət nöqteyi-nəzərincə əxlaqsız və zəif olduğundan mənfi bir sima görürük. Hətta ümumiyyət nöqteyi-nəzərincə və xüsusən alim və ziyalı bir şəxsiyyət olmaq hissilə kəndisinə yaraşmayan fövqüzzikr hərəkət və təbiətindən dolayı, ümumiyyət nöqteyi-nəzərincə də mənfi və müzürr bir ziyalı sanıb aşağıdakı qərar üzrə onu müttəhim ediyor və müqəssir görürük. * * * Mətbuat və ictimai həyat Bu vaxtadək bizdə çıxmış qəzetlərdən hamısı qarşısında az-çox müəyyən və əsrlərdən bəri qurulmuş bir həyat görmüşlər ki, onun az-çox müəyyən cəhətlərilə uğraşmışlardır. Fəqət indi artıq vəziyyət və şərait tam başqa bir mərkəzdədir. Bizim indiki mətbuatımız, xüsusilə, o mətbuata rəhbərlik edən “Kommunist” qəzeti iki dövrün keçidində, iki həyatın, iki dünyanın ortasında çalışır. Son inqilablar dövlət quruluşunu dəyişmiş, əski quruluşu tam yeni bir quruluş ilə əvəz etmiş, bütün əski ictimai münasibətləri başqalaşdırmış, bunun üzərinə bütün siyasi, mədəni normalar alt-üst olmuş, tərz-təfəkkür, tərz-ədəbi məktəblər, nəzəriyyələr, fəlsəfələr, bir sözlə bütün yaşayış yerindən oynamış, öz cığırını itirmişdir. Bir tərəfdə əski həyat, digər tərəfdə isə yeni bir həyat üzbəüz durmuşlardır ki, bunların da ortasında bizim indiki mətbuatımız durmuşdur. O, yalnız yaradıcılıqla iktifa edəməz, o gələcək üçün təsəvvür etdikləri yeni binaları tikmək üçün əski həyatın bütün cəhalətini, qaranlığını pozmalı və onun hamvarlanmış torpaqlarında öz yeni binalarını tikməlidir. O, bir tərəfdən pozmalı, digər tərəfdən yaratmalıdır. İştə bizim indiki mətbuatımızın əsil mahiyyətini fərq etdirən nöqtə burasıdır. Yeni həyat quruluşuna gəlincə, bu, yeni məsələ olduğundan və bir çox cəhətləri təcrübə dövrü keçirdiyindən qəzet əvvələn, bir məsələni tətbiq etdirməyə qalxışmadan, onun nə qədər doğru və müvafiq olduğunu, bu ya digər bir idarənin nə qədər lazım olduğunu, mənfəətli ya zərərli olmasını müzakirə edib aydınlaşdırmalı və ancaq bundan sonra tətbiqinə lüzum görülərsə, ümumi mühit şəraitinə nəzəranə şəkildə tətbiq edilə biləcəyini həll etməli və həmin məsələni xalqımızın ruhuna, bacarığına və ümumi mühit şəraitinə uyuşdurub, araya çıxarmalıdır. Bütün bunların nə qədər ağır, mühüm və məsuliyyətli bir məsələ olduğunu qeydə, bizcə, lüzum belə yoxdur. Hal-hazırda əsrlərdən bəri uyumuş, fəqət son inqilabların gurultusu altında gözlərini açmış Azərbaycan xalqının yurdunun xam və işlənməmiş təbii sərvətlərindən başqa heç bir şeyi yoxdur. Ədəbiyyatı, sənəti yox, sənaye təsərrüfatı yox, ümumən heç bir şeyi yoxdur. Fəqət gələcək həyat bunların hamısını yaratmalıdır. İştə qəzet bunların hamısına fikir verməli, həyatımızın hər bir cəhətini aydınlaşdırıb hamısına qarşı böyük cəbhələr açıb çarpışmalıdır. Bunların hamısını qəzet etməlidir. Fəqət əsil bəla da burasıdır ki, biz bu vaxtadək bu cəhətcə axsamışıq, bu vaxtadək həyatımızın hər cəhəti olduğu kimi qəzetçiliyimiz də ibtidai bir halda olmuşdur. Bütün keçmiş qəzetlərimiz götürülərsə, hamısı elə kustar üsulu ilə idarə olunmuş başqa qəzetlərin kobud təqlidindən başqa bir şey olmamış, başqa qəzetlərin dünən yazdıqlarını bu biri şəkil etibarilə dəyişib təkrar etməyən hansı müstəqil bir qəzetimiz olmuşdur. Tək-tək orijinal məqalələr göstərilərsə, onlar da bir neçə nəfərin eyni zamanda həm təbabətdən, həm ədəbiyyatdan, iqtisadiyyatdan, fəlsəfədən və ümumən biri-birinə zidd cəhətlərdən sınıq-salxaq yazılardan başqa bir şeyə təsadüf edə bilmərik. Ümumiyyətlə bizim heç olmazsa zahiri şəklini, üsulunu belə olsun qəbul edəcəyimiz və sonradan yeni həyatın tələbatı üzərinə təkmil edə biləcəyimiz bir qəzet olmamışdır. İştə bu qədər çalpaşıq həyatı yaratmaq məcburiyyətində qalan qəzet eyni zamanda özünü də yenidən yaratmalıdır. İştə “Kommunist” qəzeti bunu hər şeydən əvvəl düşünmüş olmalıdır ki, bu vaxtadək heç də tətbiq edilməyən yeni bir üsul qəbul etmiş və öz yarpaqlarında “Ədəbiyyat səhifəsi”, “Kəndlilər səhifəsi”, xüsusilə qəzeti büsbütün həyata salıb canlandıran və tam yeni bir üsul olan “Əməkçilər səhifəsi”, ümumiyyətlə yaşayışımızın əsas cəhətləri üçün ayrı-ayrı səhifələr ayırmışdır. Şəkil etibarilə qəzet belə yeni bir üsul götürmüş. Fəqət bir də yazıçı bəlası qalmış ki, bu da bizdə azdır. Qəzet eyni zamanda yazıçı da yaratmalı və həm də hər bir məsələ üçün mütəxəssis yazıçılar vücuda gətirilməlidir ki, bu da bir o qədər asan bir iş deyildir. Bu cəhətlərcə “Kommunist” qəzeti bu vaxtadək çalışmış və nisbətən az bir müddətdə gözəl və parlaq nəticələr əldə etmişdir. Fəqət həyat tərəqqisiz yaşayamaz. Qəzet bu vaxtadək göstərdiyi ciddiyyət və qüvvəti artırıb genişləndirməli və xalqımızı parlaq tərəqqi və təkamül yoluna sövq etməlidir. İştə biz “Kommunist”i yubileyi münasibətilə təbrik edir, gələcəkdə daha böyük müvəffəqiyyətlərə varmasını ümid və arzu edərik. * * * Dövlət Türk teatrında Aprelin 19-da səhnəmizin ən müqtədir aktyoru Abbasmirzə Şərifzadənin şərəfinə “Otello”, “Şahın bərbəri”, “Şeyx Sənan”, “Aydın” və “İblis” əsərlərindən aktyorluq nöqteyi-nəzərilə ən çətin və ağır pərdələri olmaq üzrə birər-ikişər pərdə oynadı. Bir oyunun ən həyəcanlı vəqəsini oyunun əvvəlindən tədricən ruhu hazırlamadan bütün dəhşətlə göstərmək çox güc olduğuna və xüsusilə bu oyunlar Abbasmirzə tərəfindən oynanılan qəhrəmanlara şəxsiyyət və tip etibarilə bir-birilə çox da uyğun olmadıqlarına baxmayaraq, möhtərəm aktyorumuz bu gecə hər pərdədə bir paltar geyinir, başqa bir ad taqınır və təsvir etdiyi vəqələri bütün həyəcanları ilə bütün duyğularını təsvir edərək, aktyorun nə qədər həssas və bir anda müxtəlif simalar taqınıb müxtəlif əhval-ruhiyyə yaşaya bildiyini böyük bir məharətlə göstərirdi. Qalan aktyorlar da onunla umuz-umuza çalışırdılar. Aktrislərdən, xüsusilə, Mərziyə X a n ı m, Məxfurə X a n ı m gözəl idilər. Yalnız Mərziyə X a n ı m öz danışığını düzəltməli və qətiləşdirməlidir. Oyunda olduqca həssasdır. Səsini çox gözəl idarə edir. Yalnız sözləri öldürür. Bu cəhəti düzəldəcək olursa, parlaq bir gələcək gözləyə bilər. Gülüstanı çənganə nəğməsini saf və aydın bir türk ləhcəsilə oxuduğundan hər kəsi məmnun buraxdı. Oyun, ümumiyyətlə, gözəl keçdi. Tamaşaçı az deyil idi. * * * Bizdə teatro Bir zamanlar səhnəmiz xalq tərəfindən bir soyuqluq, bəlkə bir düşmənlik belə görüyor, hər addımda hökumət tərəfindən bir maneyə çarpıyor, bir təqibatə təsadüf ediyordi. Vaxt bütün varlığını səhnəyə, gözəllik tanrısına təslim etmiş bir kaç fədakar gənclər, böyük sənət sevincləri var idi ki, bütün bu maneləri, bu səqətləri sarsılmaz qüllələri ilə deviriyor, uçuruyor, səhnəmizi irəli sürükləyorlardı. Bütün siyasi, ictimai və mədəni şəraitin məsa ədsizliginə baxmayaraq səhnəmiz irəliliyordı. Bu gün isə xalqımız yaşadığı siyasi və ictimai inqilablar nəticəsində büsbütün başqalaşmış, səhnəyə də öz münasibətini dəyişib, onun nə olduğunu dərk edə bilmişdir. Hökumət səhnənin irəliləməsinə artıq bir əngəl təşkil etmədiyi kimi, onun irəli getməsinə də çalışıyor, əldən gələn maddi və mənəvi yardımı göstəriyor. Buna baxmayaraq, səhnəmizin uçarcəsinə irəliləməsini gözlərkən mütəəssüfanə cansız bir nöqtədə mıxlanmış kimi durduğunu görüyoruq. Səhnə irəliləməyor. Bunun səbəbi nədir? Hər halda cadular, tilsimlər deyildir. Bu məsələni bir qədər dərindən düşünür, ufaq-tüfək nöqsanları buraxırsaq böylə bir nəticəyə gəlmiş oluruq: Səhnəmizdə həyatımıza, ruhumuza yaxın, zamanın fikir və cərəyanlarını təmsil edə biləcək əsərlər pək azdır, daha doğrusu, yox kimidir. Səhnəmizdə bütün səmimiyyəti ilə sənət sevincisi olan sənətkar artistlər deyil, sadə aktyorlar belə pək azdır, bəlkə yox kimidir. Səhnəmizdə qadın tam mənasıyla yoxdur. Səhnəmizdə rejissor yoxdur. Hələlik bu maddələr ilə iktifa ediyoruq. Birinci maddə bir çox ədəbi-milli xətlər ilə əlaqədar olduğundan, bu xüsusi tədqiqə və özgə bir məqalədə başlayacağımızdan göstərdiyimiz maddələri 2-cidən başlayaraq müxtəsər bir surətdə təhlil edəcəyik. Səhnəmizdə sənəti kamalınca bilən, sevən aktyor yox kimidir. Bu nədəndir? Biz hər gün teatroda pərdə qalxınca bir çox adamlar görüyoruq ki, çıxıyor və ya digər əsərin sözlərini söyliyor, əl-ayaqlarını, göz-qaşlarını oynadıb gediyorlar. Bunlar aktyor deyillərsə, nədirlər, duruyor əcəba? Kimsəni incitməmək üçün bunlara aktyordan başqa nə kimi bir ad vermənizi qəbul edərik. Fəqət bunlara aktyor demək, ya aktyorun nə olduğunu bilməmək, ya da bilərək həqiqəti gizlətməkdən başqa bir şey deyildir. Məsələni bir qədər aydınlaşdıralım. Aktyor nədir? Hər şeydən əvvəl aktyor canlı bir ədəbiyyatdır. Böyük bir ədibin uyqusuz gecələr boyu çalışıb vücuda gətirdiyi bir əsəri, onun əvvəli kağızlar üzərində qaraladığı fikirləri, fəlsəfələri, gözəllikləri, incəlikləri, gülüşləri, göz yaşlarını aktyorlar alır və özündə canlandıraraq böyləliklə söylədiyi sözlər, fırlandığı fəryadlar, iniltilər etibarilə canlı bir ədəbiyyat olmuş olur. Və aktyor bir rəssamdır ki, özü öz əsəridir. Başqa bir sözlə söyləsək aktyor bir rəssamdır. Eyni zamanda, aktyor, canlı bir şəkildir. Aktyor bir rəssamdır ki, rəngarəng fırçalar ilə yaratdığı şəkil yenə özüdür. O, bir şəkildir ki, özü öz yaradıcısıdır. Aktyor, bir yerdə sözlər ilə təsvir olunmuş bir tipi alır, öz dühasının, öz istedadının qüvvəsiylə onu özündə canlandırır. Onun simasındakı bütün rəngləri, bütün cizgiləri alır, kəndi fırçasıyla öz üzərinə nəql edir. Burnunu böyüdər, yanaqlarını çuxurlaşdırar, dişlərini düyər, bilməm daha nə kimi rənglər, nə kimi boyalar ilə həmin tipin görkəmini öz simasilə nəql edər. Öylə bir məharət ilə ki, onun simasilə tərsim etdiyi tipin bütün mənəvi həyatını, bütün ruhunu, bütün varlığını ilk baxışda əks etdirir. Buna müvafiq əlbisələrdə yaratdığını nəzərə alırsaq o zaman həmin canlı şəklə, kimsə bu ya digər aktyordur – söyliyəmiz və ondan çıxarılmış fotoqraf hər kəs: “Bu Nadir şah və ya Hacı Qaradır?” – deyir. Bu şəkil canlı olur, hərəkət edir, söylər, ağlar, gülər, bir sözlə yaşar. Aktyor təsvir etdiyi tipin mənəviyyatı ilə yaşar. Həqiqəti, bir aktyor böylə bir boyadan sonra güzgüyə baxarsa, özünün özü olduğuna şübhə edər, təsvir etdiyi tip şübhəli, qorxaq, hiyləgər, igid isə, o da müvəqqəti bir zaman üçün təbiətən özünü öylə hiss edər. Aktyor bir heykəltəraşdır ki, yaratdığı heykəl yenə özüdür. Aktyor, səhnədə hər dəqiqə yaşadığı əhvali-ruhiyyə ilə əlaqədar olaraq bu və ya digər vəziyyət alır, heykəltəraş olur ki, yaratdığı əsərdə yenə özü olmuş olur. Aktyor bir musiqişünasdır. Eyni zamanda aktyor canlı bir alətimusiqidir. Daha doğrusu, aktyor bir musiqişünasdır ki, çaldığı alətimusiqi yenə özüdür. Kompozitorun əsası olaraq və bir digəri notlar üzərinə səhnədə bu və ya digər əhvali-ruhiyyənin, bu və ya digər mənəvi təəssüratın həyəcanları altında vücuda gətirdiyi, yaratdığı ahəng yaradıcısı, o özü eyni zamanda həmin əsərin çaldığı alətdə yenə özüdür. Söylədiklərimizin həpsini bir sözlə deyəcək olursaq, aktyor gözəl sənətin bütün qismlərini özündə toplayıb, canlandıran bir sənətkardır. Aktyorun daha bir çox cəhətləri vardır. Lakin başlıca məqsədimiz aktyorun nə olduğunu təsvir etmək olmadığından hələlik bu cəhətcə təfsilata lüzum görmürük. Biz bu qədər söylədiyimizdən də aktyorun nə qədər geniş bir məna ifadə etdiyini, aktyorun nə kimi böyük vəzifələr daşıdığını az-çox kəsdirmək olur. Şimdi başqa bir cəhətə keçməli. Aktyor kəndi səhnə fəaliyyətində bir çox abi əsərlərə, bir çox psixoloji hallara, bir çox səthi və dərin fəlsəfələrə, ədəbi, ictimai, siyasi təbirlərə təsadüf ediyor. O, bunların həpsini təhlil etməyə, yazıçının özü qədər anlamağa məcburdur. Bunların bir nöqtəsi aktyor üçün dumanlı qalarsa, bu şey yaramaz. Bunun üçün aktyordan nə qədər ətraflı məlumat və inkişaf tələb edildiyi ayrı bir məsələdir. Hamleti oynamaq, lakin onun bütün ruhunu anlamamaq, onun fikrini, fəlsəfələrini, ruhundakı əbədi ixtilafları, mübarizələri dərk etməmək; Faustu oynamaq, lakin fəlsəfəsi ilə hesablaşmamaq, onun simvollarını düşünməmək, bilməmək, nəticədə də bir Hamlet, bir Faust yaratmaq mümkünmüdür? Bunların az-çox öhdəsindən gələ bilmək üçün aktyor, dərin və ətraflı bir məlumata malik olmaq, ədəbiyyatı və bütün dövrlərini, hər dövrün xüsusiyyətlərini, incəliklərini, dərinliyini bilmək məcburiyyətindədir. Aktyor psixolojini gözəl bilməlidir. Yeni səhnə artıq getdikcə zahiri gurultulardan, nümayişlərdən ayrılır, insanlığın daxili həyatına, onun mənəviyyatına, ruhuna girib orada daimi bir hərəkətdə bulunan duyğular, çarpışmalar, mübarizələr ilə uğraşıyor, bu gizli və rəngarəng həyatı genişliyilə təhlil edib, araya çıxarıyor. Aktyor, bu mənəvi həyata yabançı qalmamalıdır. Aktyor öylə bir kamandır ki, onun bütün telləri insanlığın duyğularından, ehtiramlarından yapılmışdır. Ufacıq bir təsirat həmin toxunduğu teli inlətməli və təbii fəryadlar vücuda gətirməlidir. Aktyor əlindəki kuklaları oynadarkən bir ananın öz çocuğunu oxşadığı zaman duyduğu sevinc, səadəti yaşar, bir saniyə sonra kuklası əlindən düşərsə, balasını itirmiş bir ana məlalı ilə inlər, fəryad edər. Ana kimi də göz yaşları axıda bilər. Çünki bu halların həpsi aktyorda əvvəlcədən hazırlanmışdır. İşlənmiş, yonulmuş bir halda köklənmiş bir kaman teli kimi onun ruhunda izlər qalmışdır. Ufaq bir xarici təsirat üzərinə istədiyi bir duyğunu oyada bilər. Çünki onlar həpsi çoxdan hazırdır. Bunlar hissi yapma, eyni zamanda həpsi olduqca təbii bir haldır yaradılıyor. Bu saydıqlarımıza hazır olmayan bir adam Aktyor olmaz. Aktyor, tarixi bilməyə bilməz. Teatro tarixini, ədəbiyyat tarixini, ümumən sənət tarixini bilməyən bir aktyor sənətin nə olduğunu bilməz. Təbii bununla büsbütün aktyorlarımızın bir Kant, Ten, Şopenhauer olmasını tələb etməyor, fəqət hər halda bir Sənan fəlsəfəsini izah edərkən heç olmazsa təsvir edə bilməlidirlər. Bunların həpsini avam bir adam, məktəb görməmiş bir nəfər yapa bilərmi? Biz xarüqəladəliklərə inanmayırıq, fəqət eyni zamanda onu da unutmaq istəməyirik ki, mühit bir zaman istedadlı adamlar, dahilər yetirə bilər. Bir Şalyapin meyxanələrdən çıxıb dünya miqyasında məharətlər göstərə bilər. Ölkəmiz miqyasında götürsək mühitimiz 2-3 nəfər istedadlı adam yarada bilər. Fəqət hər halda Azərbaycanın bir düha fabrikası olduğunu da iddia etmək olmaz. “Aktyorlarımızın istedadı var. Bu qədər mühüm bir vəzifəni biliksiz də ifa edə bilərlər.” – demək ya gücümüzü bilməmək və ya bilərək artırmaqdan başqa bir şey deyildir. Böyləliklə, səhnəmizdə yuxarıda göstərdiyimiz cəhətlərin həpsinə heç olmazsa üç, beş, onbeşdən birinə cavab verə biləcək bir aktyor varmıdır? Yoxdur!... Cavabını müəllətasəf təkrar etmək məcburiyyətindəyik... Biz, aktyorlarımızın bir çoxunda istedad olduğunu inkar etməliyik. Fəqət bu istedadı müəyyən bir yola salacaq, onu idarə edəcək və ondan istifadə etdirə biləcək bir biliyi yoxdur. Bu istedadlar işlənməmiş, həpsi paslı bir haldır ki, ondan öylə bir fayda da gözlənilməz. Təbii və bəlkə də böyük istedadı olan bir aktyorumuzun biliksizliyindən əzildiyini və özündəki böyük istedadı inkişaf etdirmədiyini görən sənət seviciləri ona nə qədər aciyorlar... Biz hələ sənətsevənlər xüsusunda söyliyoruq. Halbuki, səhnəmizdə həpsi böylə deyildir. Bunların içində yalnız qazanc güdənlər də az deyildir. Bunların oynadıqları əsərlər ilə ruhən heç bir əlaqəsi yoxdur. Əsərlərin bərbad olmasına qarşı büsbütün laqeyddirlər. Biz şəxsən öylə hallara təsadüf etmişik ki, aktyor dörd adamdan sonra söyləyəcəyi sözü bir an əvvəl evə getmək üçün pərdənin arxasından söyləyib qaçmış və yeri gələndə həmin söz söylənmədiyi üçün səhnədəki aktyorun oyunu da, əsərin özü də bərbad olub getmişdir. Biz böylələrini bir tərəfə buraxıyor, yalnız sənət seviciləri xüsusinda söyləyirik. Bunlar səhnəni seviyor, qismən istedadları da vardır. Fəqət bu istedadı inkişaf etdirə biləcək biliyi, məlumat hazırlığı yoxdur. Böylələri çox vaxt həqiqəti etirafdan da çəkinmiyorlar. Məsələn, 25 il səhnəmizdə çalışan, öz istedadı, öyrənmək üçün göstərdiyi çalışqanlıqlar sayəsində böyük müvəffəqiyyətlər əldə edən birisi xüsusi bir səmit vaxtı: “Mən Moskvaya gedib-gələndən və oradakı aktyor, teatr və sənəti görəndən sonra etiraf ediyoram ki, bizdə aktyor da yox, səhnə də yoxdur!” – deyirdi. Səhnəmizdə də keşiksiz bir yer tutan, bir başqasının oynayacağı bir əsəri öyrənmək üçün azı 50 nəfərə müraciət edib sorduğunu və altı gecə kamal uyumadığını görmüşsüz. Eyni zamanda “Biz hal-hazırda xalqın biliksizliyindən istifadə ediyor, onun avamlığı üzərinə ehtikar yapıyor” – dediyini də eşitmişik. İştə hal-hazırda hər tərəfdən göstərilən müavinətlərə, yardımlara baxmayaraq teatromuzun irəliləməməyini də əsl əsası bu son cümlədir. Vaxtilə teatro bütün mümanətlərə baxmayaraq irəliləyor, xalqı qənaətləndiriyordu. Çünki xalqın təkamülü pək ibtidai bir dərəcədə idi. Fəqət bu son illər yaşadığı müxtəlif inqilablar nəticəsində o tərəqqi etmiş, mühit başqalaşmış, irəliləmiş, ruhlar incəlmiş, mənuyi-ehtiyaclar, səhnəyə qarşı istəklər, tələblər artmış, fəqət səhnə irəliləməmiş, həmin əvvəlki halında qalmışdır. Ona görə də səhnə artıq xalqı təmin edəmiyor. Son illərdə teatro salonlarının boş qalması başlıca olaraq bundan irəli gəliyor. Böylə gedərsə, teatro salonun beş-altı nəfər biletsiz gələnləri də görmüyəcəkdir. Bu gün bizdə yerli-yersiz ən çox bağıra bilənlər, üz-gözünü ən çox qırışdırıb turşuda bilənlər ən gözəl aktyor hesab olunurlar. Halbuki yarınkı teatro bununla hesablaşmayacaq. Bu yanlış düşüncələri alt-üst edib öz yeni cərəyanı üçün yeni, mükəmməl, hazırlıqlı qüvvələr istəyəcəkdir. Bu gün ilə yaşamayan aktyorlarımız bu cəhəti düşünməli, mühitin tələbi ilə hesablaşmalıdır. * * * Dilin tarixi dirçəlişi Bəşəriyyət öz ibtidai doğuluşundan bu günədək gərək fiziki, gərəksə fikir və mənəviyyat cəhətcə bir çocuğun görünüz bir zərrə halında ana boynuna düşdüyü gündən son günədək sürdüyü təkamül dövrünü keçirdiyi kimi, dil də eyni təkamül yolunu getmişdir. Çocuq doğulurkən bir söz, bir kəlmə deyil, bir hərf belə söyləməyib öz acısını və başqa istəklərini (instinkt) üzrə, şəkilsiz, formasız bağırtılar ilə keçirdiyi kimi, bəşəriyyət də tarixinin ibtidai beşiklərində ikən sözsüz dolaşıb yanılır, bu formasız bağırtılar ilə keçinmiş və istəyini anlatmaq için lal kimi öz hərəkətlərindən istifadə etmişdir. Sonradan əsrlər sürən uzun bir vaxt içərisində hər başqa istəklə ifadəsi üçün səslər başqalaşmış, eyni istəyi ifadə üçün eyni səslər təkrar edilmiş, böyləliklə bu bağırtılar məşrut bir hala gəlmiş və getdikcə iki-üç səs bir araya toplaşdırılmış, nəhayət, insanın ibtidai kobud dili meydana çıxmışdır. İştə ilk ata-baba dilimiz bu kobud, yonulmamış, xam dildən ibarətdir. * * * El ədəbiyyatı toplaşdırılmalıdır Bu yaxınlarda “Kommunist”in ədəbiyyat dərnəyində el ədəbiyyatı xüsusinda məruzə edilirdi. Burada hər şeydən əvvəl gözə çarpan bir şey vardısa, o da bugünkü iclasda nə qədər adam çox olsa da hər halda adətən Rudəki və sair böyük yazı ədibləri və ədəbiyyatı xüsusində edilən məruzələrdə böyük ciddiyyətlə iştirak edən yazıçılarımızın, ədib və şairlərimizin məclisdə görünməməsi idi. İstər-istəməz ədib və ədəbiyyatçılarımızın el ədəbiyyatımız ilə bir o qədər də hesablaşmamaları, el ədəbiyyatımıza iki saatlıq vaxt itirməyəcəyimiz kimi təsvir etmələri və daha yüksək və büləndpərvaz yazı ədəbiyyatı ilə maraqlanmaları fikri doğuyur. Halbuki, bəlli olduğu kimi, bir xalqın həyatı, onun məişət və güzəranı, ədəbi bacarıq və istedadını, bir sözlə, bütün xalq psixolojisini öyrənmək üçün ilk əvvəl onun el ədəbiyyatına müraciət edilir və edilməlidir. Ona görədir ki, bu gün Avropa elm və ədəbiyyat dünyasında da başqalarının olduğu kimi, türklərin də yazı ədəbiyyatından daha əvvəl el ədəbiyyatları toplaşdırılmışdır. Bu pək təbii və doğrudur. Çünki bir xalqın yüksək yazı ədəbiyyatı nə qədər müstəqil olursa-olsun, hər halda başqa xalqların təsirini havi oxuyur. Bir ölkədən o biri ölkəyə düşən yazılı əsərlər, kitablar öz fikir və fəlsəfələrini və ya başqa bir şəkildə qismən o biri ölkənin və xalqın ədəbiyyatına təsir etdirmiş olurlar. Təbii, buradan daha yüksək fikir və fəlsəfəyə malik olan xalq və ölkə önə kimi yeniyor və orada hökmranlıq qazanıyor. Zəif bir fəlsəfə, bir fikir, bir sənət əsəri isə daha qüvvətli bir xalqın içərisinə atılınca, təbii, əhəmiyyətsiz buraxılıyor, təbii, bu səyyar fikirlər, fəlsəfələr və sənət əsərləri olduğu kimi deyil, çox vaxt büsbütün dəyişdiriliyor. Başqa bir dona geyindirilir, çox vaxt hətta bir ölkədə ümumi şərait üzərinə tam müxalif bir cərəyan, birə əks təsir vücuda gətiriyor. Halbuki, el ədəbiyyatı belə deyildir. Bu ədəbiyyat xarici təsirdən ən az mütəəssir ola bilər. Çünki hər halda dağlar başında, sürü yanında tütək çalaraq oxuyan bir el şairi bir Sədi, bir Hüqo, bir Şekspirin təsirilə bir o qədər əlaqədar olmaz. Onun yaratdığı ədəbiyyat da əksərən yüksək yazı ədəbiyyatı olduğu kimi, həyat və fikrin müştərək fəaliyyətindən doğmuş bir şey deyil, əqli fəaliyyətin ibtidai dərəcəsində bulunan bir kütlənin coşqun və daşqın saf həyatından doğmuş bir şeydir. Buna görədir ki, bu ədəbiyyat olduqca sadə göründüyünə baxmayaraq, çox vaxt yüksək yazı ədəbiyyatından daha artıq təsir buraxıyor. Çünki bu sadə sözlər ilə səmimi bir duyğunun ifadəsidir. Bu ədəbiyyatın yaradılması üçün bəlkə də düşünülməmiş, o, acı bir təsiratın qopardığı fəryadlardan, iniltilərdən bilaixtiyar doğulmuşdur. Burada bir ananın ninni çaldığı çocuğuna qarşı duyğuları soyuq bir fikrin yapma çərçivələrinə salınmamış olduğu kimi, gəldiyi kimi, bu həyatın bilaixtiyar fırlatdığı sözlər ilə ifadə edilmişdir. Sənə mən gül demərəm, Gülün ömrü az olur. Sənə bülbül deyərəm, Bülbül oxur yaz olur. və ya bir şairin aldığı ilk təsirata qarşı: Bu dağlar ulu dağlar, Çeşməli, sulu dağlar. Burda bir qərib ölmüş, Göy kişnər bulud ağlar. və yaxud böylə bir şairin öz sevgilisinə qarşı: Mən aşiq neylim sənə, Düşübdür meylim sənə. Mən dönsəm üzüm dönsün, Sən dönsən neylim sənə. – dedikləri istər-istəməz şairin duyduğu təsiratı başqasına nəql ediyor. Burada bir yapmalıq yox, burada elin, daha doğrusu, onun tərcümanı olan, onun yasını, kədərini və sevincini yaşayan, onun sevinc və iztirablarının tərcümanı olan bir şairin bilavasitə həyatdan, məişətdən aldığı təsiratın hissiyyat və duyğunun səmimi bir ifadəsi görülə bilər ki, oxucuya bədii bir həyəcan verən də bu səmimiyyətdir. Böylə bir şair mövzu üçün aramamış, xəmnə görmüş, kotan görmüş, gözəl bir qadın mini-mini bir çocuq, at, öküz, inək, ilxı, sürü, yas, bayram, toy, qaçaq, quldur, qıtlıq, müharibə, bir sözlə, ətrafında hər nə görmüş isə, hankı bir mənzərədən, bir vəqədən mütəəssir olmuşsa, bəlkə də əhəmiyyətini düşünmədən, bəlkə də qeyd etdiyi məsələnin böyük bir siyasi-ictimai və i.a. əhəmiyyəti olduğunu sezmədən ona qarşı duyduğunu söyləmiş, özünün, elinin, xalqının başına gələn macəraları, sevinc və kədərləri və bunların xalqa və ya onun həssas bir müməssili olan şairə duydurduğunu ifadə etmişdir. Onun mövzusu sadə, məişət və həyat içərisində, qoynunda yaşadığı təbiətdir. Ona görədir ki, bir xalqın keçirdiyi dövrləri, yas və bayramlarını, adət və ənənatını, tərzi-təfəkkürünü, bu və ya başqa bir vəqəyə qarşı münasibətini, qonağa nasıl baxdığını, düşmənlə rəftarını, müaşiqəsini, intiqamını, məhəbbətini, bütün əhvali-ruhiyyəsini, bütün psixolojisini, eyni zamanda, onun mədəni səviyyəsini, ədəbi istedad və bacarığını öyrənmək üçün ilk vasitə və ən doğru bir tərcüman varsa, onun dillərdə dastanlar, mahnılar, tapmacalar, nağıllar və ilaxir kimi dolaşan el ədəbiyyatıdır. Buna görə də başqalarda bu el ədəbiyyatı hər şeydən artıq qiymətləndirilərkən və son bir kəlməsinədək toplanıb hər bir bəndi üçün cildlər ilə kitab yazılmışkən, bizdə bu el ədəbiyyatı əhəmiyyətsiz buraxılmış, toplaşdırılmamış, öyrənilməmiş, təhlil edilməmiş, hətta təhlil üçün tam əldə edilməmişdir. Halbuki, bizdə bu el ədəbiyyatı təsəvvür fövqündə olaraq zəngin və incidir: Burda bir qərib ölmüş, Göy kişnər, bulud ağlar. Burada nə qədər böyük bir sənətkarlıqla təbiətin qüvvələri insanın məişətindəki amillər şəklində təsvir edilmiş kişilər, ağlar bir halda göstərilmişdir. Həm də nə qədər aydın təsəvvür etdirəcək bir halda qeyd edilmişdir. Hələ büsbütün, realnı, canlı romanlar, hekayələr, dastanlar vardır ki, ədəbiyyatımız üçün tükənməz bir xəzinədir. Bunların hərəsinə qarşı el ədəbiyyatımızdan məruzə edilirkən ədiblərimizin, ədəbiyyatçılarımızın maraqlanmaması olduqca acınacaqlı bir haldır. Hələ bu yaxınlarda “Ədəbiyyat dostu” və “Maarifçi” yoldaşın bu xüsusda “Kənd müəllimlərimizin ictimai vəzifələri” adıyla yazdığı məqalədə həmin el ədəbiyyatı məsələsi irəli sürülmüşkən ədəbi həyatımızı idarə edənlərin və təşkilatların heç birisindən bu xüsusda bir əks-səda görülmədi. Zavallı “Ədəbiyyat dostu”nun sözləri: Dəyəndə zülfi-ənbər barı yarə şanələr bir-bir, Cünun zəncirinə bənd oldular divanələr bir-bir. – kimi qəzəllərin gurultuları arasında itib getdi. Halbuki, bu şeir nə qədər müqtədir sandığımız bir şair tərəfindən deyilmiş olsa da, nə qədər gözəl təşbehlərə malik olsa da, bir çox qəzəllərimizdən qüvvətli sanılsa da, bir el şairinin sadə sözlər ilə dediyi: Mən dönsəm üzüm dönsün, Sən dönsən neylim sənə. – deyə buraxdığı ədəbi əsər, səmimi bir hissiyyat yaxıcı, bədii olması cəhətincə heç bir halda geri qalmayır. Həm də birinci, bir çox başqa təsirlərə təqlidən söylənmişkən, ikinci, bilavasitə elin, xalqın səmimi hissiyyatından doğmuş, onun əsl zövq kədərini ifadə edən bir əsərdir. Buna görə də bizim el ədəbiyyatına nə qədər böyük əhəmiyyət verməmiz lazımdır. * * * “Şeyx Sənan” haqqında Sözə başlamadan əvvəl keçənlərdə söylədiyim bir məsələyi bir daha xatırlatmayı qaçılmaz görürəm. Adətən məhkəmələrdə müddəi nə olursa-olsun müttəhimin yaxşılıqlarını gizlətməyə, hətta yaxşılıqlarına da bir fənalıq göstərməyə və beləliklə, nə olursaolsun, müttəhimi təqsirləndirməyə çalışdığı kimi, müdafiəçi də tərsinə olaraq fənalıqlarını gizlətmək, onlara bir yaxşılıq göstərmək və bu vasitə ilə müttəhimi doğrultmağa, haqlı göstərməyə çalışırlar. Bu onların vəzifəsidir. Fəqət mən həmin “Şeyx Sənan” mühakiməsinin böyük əhəmiyyəti olduğunu düşünərək bir dəfə də olsun mütəəssib olmamayı, məsələyə açıq bir göz, bitərəf bir mühakimə ilə yanaşmayı ilk əvvəl möhtərəm müdafiəçilərdən və başlıca olaraq möhtərəm məhkəmə heyətindən, nəhayət möhtərəm tamaşaçılardan rica edərdim. Bu, Sənanın mühakiməsi üçün... olduqca mühüm bir şeydir. Çünki dünyada, həyat və məişətdə olduğu kimi görülən şeylər xüsusunda çox düşünmədən bu daşdır, bu ağacdır, bu taxtadır – deyə qəti hökm vermək bir o qədər güc bir şey deyildir. Fəqət olduğu başqa, göründüyü isə, bambaşqa olan şeylərə böylə yanaşılmaz. Bunu parıltısına görə gümüş qiymətinə qaşıq alıb, 2 aydan sonra qaraldığını və ya paltarına, yaxud sözlərinə görə pak, müqəddəs sandıqları bir adamın çox çəkmədən yaramaz əxlaqsız bir sərsəm olduğunu görənlər daha eyib bilirlər. İştə bu gün müqəssirlər qəfəsində oturan Sənanın da şəxsiyyəti tam mənası ilə, olduğu başqa, göründüyü isə bambaşqa olan şeylərdən biridir. Mən özüm onun göründüyünə aldanıb müdafiəsinə hazırlanırkən daha dərindən baxınca, olduğunu olduğu kimi görüncə, fikrimi dəyişdim, müddəiliyə getdim. Burada hər ehtiram parlaq bir cümlənin, hər hərəkət az-çox iti birağılın böyük bir məharətlə qurdurduğu, aldadıcı bir fəlsəfənin, gözəl bir bəhanənin, hər bir yalan daha mən tiqli, daha tutarlı ikinci bir yalanın arxasında gizlədilmiş, örtülmüş, basdırılmışdır. İştə bu yalanları doğrulardan ayırmaq hər bir sözün, hər bir hərəkətin özünü və məqsədini tutuşduraraq düzgün bir nəticə çıxara bilmək üçün olduqca diqqətli və ehtiyatlı olmalıdır. Belə olunca Sənanın özünün donuz damında ikən onun üstündə bir-birilə çəkişən, çeynəşən insanların boğazlaşmasını, qoparılan fəryadları, göz yaşlarını görüncə, yapdıqlarını və nəticələrini düşününcə xəlvətdə öz vicdanına qarşı: bu fəlakətlərin bütün səbəbi həp mənəm, məni bağışla – deyə etiraf etdiyi təqsirləri isbata qalxışmağa ehtiyac qalmayır... Ona görə də mən Sənanın hankı qanunun hankı maddəsi ilə müqəssir olduğunu göstərməyə çalışmayacaq, yalnız bir neçə söz ilə tərcümeyi-halını göründüyü kimi deyil, olduğu kimi qeyd etməklə iktifa edəcək və nəticə çıxarmayı məhkəmə heyətinə və şahid bulunan xalqın vicdani-ümumisinə tapşıracağam. Beləliklə Sənan kimdir? İlk görüşlə biz, Sənan yaşının məsuliyyət daşıya biləcəyi bir çağında 30 yaşında ağıllı, fəqət öz cinsiyyət duyğularına adi, bayağı bir erkək, şəhvət və ehtiraslarına tapğın yalançı, eyni zamanda, gözəl və xoşsima bir tələbə görürük. Əsasən açıq fikirli olan Şeyx Kəbir ona adətən atalıq edir. Öz doğma oğlu kimi sevir, oxudur, biliklərini öyrədir, tərbiyə edir, bir sözlə tərbiyəsində heç bir qüsur göstərməyir. Fəqət buna qarşı Sənan Şeyx Kəbirin müsaidətindən istifadə ilə onun zavallı qızını Zəhrayı çocuqluğundan istifadə ilə bir çox yalan vədlər ilə aldadıb özünə bənd edir. Əvvəla, oğlum – deyə müraciət edən bir adamın qızına göz əymək, onunla xəlvətdə görüşüb əlaqəyə girmək üçün insanda nə qədər saxlanmaz bir etiraz, nə qədər alçaq bir nəfs olması lazım olduğunu mən təsəvvür etmirəm. Pək eyi, tutalım ki, bu bir şey deyildir. Ata-oğulluq məsələsini bir tərəfə buraxalım. Qızdır, oğlandır. Görmüş, sevmiş, vəd etmiş, nəticə etibarı ilə Zəhrayı alacaq və məsələ də bununla bitmiş olacaqdır. Fəqət Sənan bunu da yapmayır. 6 il yazıq çocuğu başda gəzdirib bir çox macəralar keçirdikdən sonra nəhayət, ondan doyur, soyuyur, usanır. Şimdi o öz fikrində, öz təsəvvüratında mavi gözlü yeni bir qadın yaradır. Və öylə bir qadın bulmaq istəyir. Zəhra bunu hiss edir, yalvarır, ağlayır. Fəqət Sənan üçün bu göz yaşlarının heç bir qiyməti yoxdur. O, xudpəsənddir, eqoistdir. O, hər kəsi özünə faydalı olduğu zaman istər. Yox, istər özünün olsun. Zavallı Zəhra özünü bir fəlakətin qarşısında, könlünü Sənanda, adını dillərdə görüncə yalvararaq Sənana deyir: Altı ildir sənin əsirin ikən Şimdi biganəyimmi könlünə mən? Nə təbiət bu səndə? Həm nə tuhaf! Yoxmudur səndə mərhəmət, insaf? Nerədə əvvəlki vədlər əcəba? Əcəba yoxmu, yoxmu səndə vəfa? O məhəbbətlə parlayan gözlər, Şimdi bir başqa macəra söylər. Diqqət edilsin. Hankı vədlərdir və bu vədlər nəyə qarşı verilmişdir. Hankı əhdə və hankı hərəkətə qarşı vəfa tələb edilir. Qoy hər kəs düşünsün bu qız aldanmamışdır? Sənan aldırmayır. Yoxsa Sənan vəd, vəfa, məhəbbətlə parlayan gözlər və i.a. mənasını bilməyir. Yaxud yazıçının türkcə savadsız olduğunu iddia edir. Əfv edərsiniz, Sənan əfəndi. “Sənan, məni qəhr et də lakin atma!” – deyincə Zəhranın haqlı tələbatına qarşı istər-istəməz: Səni atmaqmı?! Bir düşün, əcəba Bu olur şeymi, nazənin Zəhra? Sən mələksin, sevimli afətsin...– deyə cavab verirsən. Bunun üzərinə Zəhra onu qucuyur. Pək eyi, Sənan əfəndi, nə üçün Zəhrayı atmaq olmaz? Nə üçün bu sevimli afəti atmamaya məcbursan. Müsəlmanlıqda naməhrəm bir qadın heç bir əlaqədə bulunmadığı naməhrəm bir kişiyi quca bilərmi? Diqqət edilsin, Sənan bu qızcığazı aldatmamışmı? Bunu Sənan özü pək gözəl bilir. 10 ildən sonra da Zəhrayı görüncə: Ah Zəhra, zavallı solğun nur, Səni Sənan görüncə alçalıyor. – deyə zavallı Zəhranın fəlakətinə qarşı gözlərini yerə tikir. Nə üçün. Sənan əfəndi, sən Zəhrayı görüncə özündə bir alçaqlıq hiss edirsən? Nə isə, məsələ aydındır. Vəd etmiş, aldatmış, sözündən qaçmış, Zəhranın fəlakətinə səbəb olmuşdur. Unutmamalıyıq ki, bu şimdiki vaxt üçün bir o qədər ağır görülməyir. Bək eyi, qızdır. Əvvəl sevdim, şimdi sevmirəm. Fəqət Zəhranın mühiti düşünülərsə, bu onun üçün bir fəlakətdir. Adı dillərdə gəzən Zəhrayı ölüm deyil, nə qurtara bilər?! Ona görədir ki, Zəhra deyir: “Məni qəhr et də, lakin atma aman”. Sənan Zəhranın tələblərinə qarşı boyun əyməyə məcburdur. Sən mələksən atmam – deyə yenidən ona söz verir. Fəqət yalan, həm də məcburi bir yalan, fəqət dadlı gözəl bir yalan. Həmin bu dəqiqədə Zəhranın nə olursa-olsun artıq köhnəldiyini düşününcə və xəyalında yaratdığı mavi gözlü qadını xatırlayınca həmin gözümüzün önündə sözündən qaçır. Böylə səbatsız bir adama, bu dəqiqə söz verib ikinci dəqiqədə qaçan yalançı bir adamın sözünə və özünə nə kimi bir qiymət verilə bilər. Nə isə Sənan Zəhrayı artıq sevməyir, gecə-gündüz başqa bir qadını düşünür. Onun bu qadınçılığını Şeyx Kəbir də bilir. Ona deyir ki, Oğlum! Er-gec tutar cahanı adın, Söylənir ictihadü irşadın. Cahil-arif, böyük-kiçik yeksər, Səni özlər sevər, pərəstiş edər. Bu səadət fəqət uzun sürməz. Çünki röyada gördüyün uçrum, Səni eylər bu feyzdən məhrum. Baş verir səndən öylə bir hərəkət Ki, bütün xalq edər haman nifrət. Alçalar ruhun alçalar... Ancaq, Səni alçaldan ehtiras olacaq. – Hankı şeydir səbəb fəlakətimə? – Ah!.. O yalnız qadındır, iştə qadın! Hər halda Şeyx Kəbir Sənanı, onun zəif cəhətlərini çox gözəl bilir. Fəqət Sənan onu da, hətta öz inandığı Allahını belə aldatmaqdan utanmayır. Zəhra ilə 6 illik bir macərası bəlli ikən, bu saat Zəhra ilə söz vermişkən, nəhayət, gecə öz mavigözlü qadınları düşünürkən üzünü Allaha çevirib: Ey böyük Tanrı, ey böyük Yaradan! Məni səndən gözəl bilən, tanıyan. Varmı, ey xaliqi-zəminü zaman! Yalan, qara bir yalan. Sonra Şeyx Kəbirə ikinci bir yalan: Mən otuz il cahanda zahidvar, Bilmədim qız-qadın nədir zinhar. Nə qədər məndə varsa hissü həyat, Ehtirasatə düşmənim... heyhat! Mana biganə zövqi-nəfasi, Sevdiyim yalnız eşqi-ruhani... Daha könlümdə qeyri eşqə, inan, Yer bulunmaz, xayır... xayır... Bu da yalan. Gördüyü qadın, aldatdığı qadın, söz verdiyi qadın, düşündüyü qadın, bu da danışdığı sözlər. Fəqət bunları o, ancaq onu gözləyən şöhrət və böyüklük xatirəsi üçün başqalarının gözlərini örtməkdən ötrü yalandan deyir. Daxildən isə onun qadınçılığı onun ehtirası varlığını didir, üsyan edir. Onun yalanlarını üzünə çırpır. Sənan nə çapıq çıxdı – xatırından deyir. Sənan xəlvətdən ona cavab olmaqla mən şaşırdım, saqın inanma, – deyir. Demişdim ki, zövqü-nəfsaniyə uymam, ehtirasata uymam, eşqiruhani ilə sevirəm. İnanma, yalan deyirdim, – iştə Sənanın bütün mahiyyəti. Nə isə, Şeyx Sənan Şeyx Kəbirin sözlərindən istifadə ilə Zəhradan yaxa qurtarır və kim bilir şimdi Zəhranın bəlkə sümükləri də çürümüşdür. Bir də biz, Sənanı 10 ildən sonra böyük bir kütlənin rəhbəri olaraq görürük. O, böyük bir əməl ilə uğraşır. İslam parçalanmış, dağılmış, onu birləşdirmək və bununla xalqı nəcatdan çıxarmaq zənnindədir. Bu yolda heç bir əziyyətdən, heç bir əzabdan çəkinməyəcəyinə söz verir, and içir. O, şimdi böyüklük və şöhrət düşkünüdür. Fəqət daxilindəki qadınçılığı onu rahat buraxmayır. O, qadınlardan qorxur. Ona görə nərəyə çatırsa, “həp cinayət, qadın cinayəti”. Fəqət bu qadınları sevmədiyi üçün deyil, bəlkə də daha çox sevdiyi üçündür. Sənan qadınlara qarşı gücsüzdür. Qorxur, onlardan qaçır. Hər halda o zamandan Mədinədə nələr yapdığını bilməyiriz. Ehtimal ki, Zəhra orada olduğu üçün bir şey yapmazdı. Nə isə Sənan böyük bir əməli-islamiyyəti diriltmək, bəşəriyyətə nicat vermək kimi böyük bir dilək, bir məfkurə, bir ideal ilə Kəbəyə and içib yola çıxır. Tiflisdə bir dərvişə təsadüf edir. Dərviş ona bir qədər mübhəm sözlər deyir. Sənan bir qədər bunun üzərində düşünür. Fəqət burasına bir qədər diqqət verilməlidir. Çünki bilirəm Sənanın gələcək hərəkətləri üçün bütün təqsiri bu yazıq Şeyxin boynuna yıxacaqlardır. Fəqət bu yalandır. Dərviş ona demişdir: Əgər fövqəlbəşər olmaq dilərsən, Uzaqlaş daima cinsi-bəşərdən. Dərviş ona demişdi: yalnız bulun, demişdi ki, get evlən. Dərvişin sözləri Sənanı hələ islamlıqdan döndərməmişdi, çünki ondan, sonar Quranı yaxarkən Sənan özü deyir ki: “Hökmü-Quran ilə məbəd ucalır”. Deməli, dərviş onu hiylə yolundan çıxarmamışdı. Onu yoldan çıxaran başqa birisi idi. Gözəl bir gürcü qızı Xumar idi. İmdicə Şeytanbazarda dərviş görünür. Ona deyir ki, yalnız bulun... nəhs kimi mavi gözlü, füsunkar bir gürcü qızına təsadüf edir. Xumar pək gözəldir. Mən də etiraf edirəm. Qumral saçlar, mavi gözlər, bilməm al dodaqlar, lahuti bir baxış, ilahi bir görünüş. Bu qadın onun zövqünə uyan, onun yaratdığına bənzər bir qadındır. Iştə burada illərdən bəri Sənanın şöhrət və böyüklük həvəsinin ağırlığı altında susmuş qadınçılığı varlığına da, iliklərinə də uymuş adi, bayaqı bir erkəklik, saxlanmaz ehtirasları qalxır. Deyil, yalnız onun böyüklük və şöhrət həvəsini, hətta onun bütün varlığını, bütün mənliyini, izzətü-nəfsini, şərəfini, məsləkini, əqidəsini, bir sözlə, ürəyində yaxşılıq adına hər nə saxlanmışsa, həpsini alt-üst edib çevirir. Və nəticədə dünən qadınlardan qaçan, dünən qadınlara qarşı kin bəsləyən, dünən öz şeyxinə söz vermiş, bu gün dərvişdən bir çox nəsihətlər dinləmiş və böyük bir kütlə yanında Kəbəyə qarşı and içib yola çıxmış Sənan, bütün dinini-imanını, məsləkini, əqidəsini, əməlini, diləyini, idealını, məqsədini, hər bir şeyini böyük bir rəzalətlə bir qadının ayaqlarına sərib: – mən təslim, – deyə bayrağını endirir, silahını təslim edir. Şimdi soruram sizdən: – Böylə bir adam ictimai həyat üçün yararlı bir adammıdır? Böylə bir adama cəmiyyətdə məsul bir vəzifə tapşırıla bilərmi? Həyat yürüdükcə ictimai bir fikri yenə də cəmiyyətin səadətini düşünərək başqa bir fikrə çevirmək olur. Yanılmışam. Cəmiyyətin, bəşəriyyətin nicatı üçün o yol yaxşı deyil, bu yol yaxşıdır. Böylə adamlara ad tapmaq olur. Çünki bu adi bir şeydir. Həyat tərəqqi etdikcə, cəmiyyət irəlilədikcə şərait dəyişir. Bununla bərabər yaşayış vasitələri, fikirlər, fəlsəfələr də dəyişir. Fəqət başındakı bir fikri, inandığı bir əqidəyə doğru sandığı bir məsləki, bayrağını gəzdirdiyi bir orduyu ancaq öz şəxsiyyətinə, öz mənfəətinə, öz şəxsi, səadət və ehtiraslarına fəda edən bir adama nə ad vermək olar. Doğrusu mən tapmadım. Ona görə də, təqsirnamədə də yazmamışam. Ancaq indi başıma bir söz gəldi ki, o da xain kəlməsidir. Bu sözün nə qədər münasib olduğunu məhkəmə heyəti qərar çıxararkən düşünə bilər. Doğrudan da təsəvvür ediniz ki, o bir komandandır. Sənan həqiqətdə də fikri bir komandandır. Hərbin ən qəti, ən canalıcı bir dəqiqəsində birdən fərmani-hümayun: Dayan... geri! Nə var, nə var, heç nə! Bəs Ağa Komandan bənd olmuşdur?! Geri! Ona görə deyil ki, geri dönmək lazımdır. Şimdi böylə bir komandananə demək olar. Fəqət onu da unutmamalıdır ki, komandan düşmən ordusundan əsir alınmış qıza bənd olmuşam. Ona görə də, “geri!” deməyir. O başqa bir bəhanə bulacaqdır. Məsələn geri: çünki “abi-şur əst. Xeyr nədarəd.” Iştə Sənanın da ictimai həyatda ağırlığı olsa-olsa, bu qədər olacaqdır. Bu rəzalət Şərq diplomatiyasının tarixində görülməz bir şey deyildir. Baxsanız Avropa qadınlarının qoynunda imza edilmiş bir çox müahidələrə, bir çox müqavilələrə, bir çoximtiyazlara bəlkə də təsadüf edə bilərsiniz. Hər halda tariximiz baltaçı Məhəmməd paşalara yabançı deyildir. Nə isə Sənan Xumarı görüncə, ağlı başından oynayır, papağını götürür, başını endirir, kəndisinə məxsus dadlı, aldadıcı bir dil ilə: Bir təbəssüm o hüsnü-dilbərdən, Bir nəvaziş o mavi gözlərdən. – deyə kəbin kağızını təqdim edir. Platon kişi adamdır. O, Sənan kimi andını geri götürən, bu saat verdiyi sözdən utanmadan qaçan adamlardan deyildir. Fəqət Xumar qoca, ixtiyar bir mollanın əlində məhv olacaqdır. Keşiş çarə tapır. Qarşıdakı böyük bir kütlənin rəhbəri, böyük bir ordunun komandanı, məsləkli, səbatlı, əqidəli bir adamdır. Öylə isə al bu şərabı iç. Fəqət keşiş hesabında pək yanlışdır. Sənan üçün öz şəxsiyyəti hər şeydən artıqdır. Doğrudan da, Sənan alır, içir. Ya Şeyx, içdiyin haram deyilmi? İctihad, daha doğrusu, bəhanə hazırdır. Bir istəkəna eybi yoxdur. Pək eyi, möhtərəm Şeyx əfəndi, nə üçün sən bunu dünən demirdin. Pək eyi, bir istəkəna eybi yoxdur. Keşiş pərt olur, ancaq çox bicdir, özünü itirməyir. Al bu xaçı da as. Sənan alır. Ya Şeyx nə yapırsan? Ab şur əst. Xeyr nədarəd. Bununla bir parça gümüş arasında heç bir fərq yoxdur. Pək eyi, Şeyx əfəndi, bunu nə üçün sən demirdin? “Olsun, o xaç bir parça gümüşdür” – mən də qəbul edirəm. Fəqət sən özün hər şeydə bir rəmz arayırkən sən bilməyirdinmi ki, onu sənə verirkən – al, bu gümüş parçasını as, – demir. Al, taqın, xristian ol, – deyirlər. Əvət, sən pək gözəl bilirdin. Bilərək də aldın. Çünki sən öz ehtiraslarının əsiri, iradəsiz bir adamsan. İstəmədən xristian olursan! Deməli, sən öz məqsədini, öz əməlini, cəmiyyətin nicatı üçün düşündüyün bütün əməl və idealları öz şəxsiyyətinə, öz şəxsi ehtiraslarına, öz nəfsinə fəda edən bir adamsan. İstəmədən xristian oldun. Olmadınsa, yalançısan. Xristian olmadan qarşıdakıları aldatmaq üçün xaçı alıb asır və bununla da sənə tabe olan böyük bir kütləni doğru bildiyin yoldan sapdırır, inanmadığın bir yola sövq etmiş olursan. Əvət, Şeyx əfəndi, mən səni pək gözəl anlayıram. Qoy sənin şəxsi səadətin təmin edilsin. Bunun üçün bir çoxlarının fəlakətinə də lüzum görülərsə, vur yerisin. Eşqin tərs-avandı olmaz. Keşiş şaşırır. Qarşısında böyük bir kütlənin rəhbəri azacıq səbatlı, dayanaqlı bir adam təsəvvür edərkən Sənan lax çıxır. Fəqət keşiş yenə ümidini kəsməyir. “Al Quranı yaq”. Yox, sən yaqacaqsan. Ya Şeyx, Quran yaqılmaz. Susunuz budalalar. Illət var. Nə imiş – yaqılan kağız və mürəkkəbdir. Nə qədər bayağı bir bəhanə! Abi-şur əst. Xeyr nədarəd. Əfv edərsiniz, Şeyx əfəndi. Quran yalnız kağız və mürəkkəb isə nə üçün onu boynunuzda gəzdirirsiniz? Nə üçün bunu dünən demirdiniz? Pək eyi, kağız və mürəkkəbdir. Mən də qəbul edirəm. Fəqət sən başqalarına arif ol deyirkən düşünməyirdinmi ki, burada məqsəd kağız və mürəkkəbin yanması deyil, sənin tutduğun yolun, məsləkin, əqidənin yaqılması, çeynənməsi, mapdalanmasıdır. Halbuki, sən dinə hələ inanırdın. Hökmi-Quran ilələbəd ucalır deyirdin. Və istəmədən üz tutduğun yolun müqəddəsatını, komandanı bulduğun kütlənin, ordunun bayrağının yaqılmasına yol verirdin. Çünki sən öz məsləkini, öz əqidəsini şəxsi səadətinə satan bir adamsan. Mən bilirəm ki, burada Quran, din, xaç bir çox yoldaşları sapdıracaqdır. Burada məqsəd Quran, xaç və sair deyil, bir inam, bir məsləkibəşəriyyənin, cəmiyyətin səadəti üçün düşünülmüş bir yol deyirəm. O yol öz-özlüyündə doğru da ola bilər, yanlış da ola bilər. Mənim onunla işim yoxdur. Mənim məqsədim ancaq həmin əqidəni daşıyan adamın şəxsiyyəti üzərindədir. Əlbəttə, yoldaşlar, sevgi, eşq yaxşı şeydir. Fəqət sevirəm deyə hər şeyə ixtiyarım var da demək olmaz. Quran kitabı götürməyiniz, başqa bir kitab götürünüz. Şimdiki halda, məsələn, bir ingilis kralının mavi gözlərinə qarşı bir parça əskidir – deyə öz yurdunun bayrağını yaqan bir vətənpərvərə siz nə deyərsiniz və yaxud bir kadet qızına vurulduğu üçün insanlar bizcə birdir, bu bayraq da elə bir arşın parçadan başqa bir şey deyildir – deyə öz bayrağını yaqan bir kommunistə siz nə deyərsiniz?! Hər nə deyirsiniz, özünüz bilərsiniz, mən bilməyirəm. Ancaq gərək ki, çox da yaxşı şey deyildir. Nə isə iş-işdən keçmiş. Keşiş yavaş-yavaş Sənanı tanımaya başlayır. Nə istəyirsiniz, o itaətdən boyun qaçırmaz, deyə adi bir qarışqa, bir böcək qədəri əhəmiyyəti qalmayan Sənana belə baxmaq istəmədən ötürür. Sənan özü də deyir. Hər nə əmr etsəniz qəbul edərəm. Doğrudan da deyirlər donuz otar, baş üstə. Yaxşı ki, Şeyxin səfilliyini hər kəs bilir. Bunun da səbəbini soruşmayırlar. Yox, yəqin ki, Şeyx kənd təsərrüfatını yüksəltmək istədiyini bəhanə gətirəcəkdi. Siz görürsünüz ki, hər nə tələb etsələr, Sənan qəbul edir. Hərəsinə də bir bəhanə gətirir. Qumar oyna desəydilər, baş üstə. Ya Şeyx haram deyilmidir? Səsini kəs, budala köpək. Köpəyə nə söz. Onun eybi yoxdur. Fəqət eybi yoxdur, ona görə deyil ki, doğrudan da, eybi yoxdur. Onu görə ki, Sənanın şəxsi səadəti üçün bu lazımdır. Platonun 3-4 nəfər düşməni var, onları da aradan qaldırır. Baş üstə. Ya Şeyx, adam öldürmək olmaz. Səsini kəs, budala, 3-4 nəfərə nə söz və i.a. Ab şur əst, xeyr nədarəd. Onu da deməliyəm ki, burada ayrı-ayrı sözlərimdən sallanıb deyə bilərlər ki, Sənan üçün ingilis, fransız, yəhudi, türk, ərəb yoxdur. O, Xumarı sevməklə din təəssübünə zərbə vurdu. Pək gözəl. Beynəlmiləlçilik yaxşı şeydir. Fəqət burada Sənanın bu hərəkətlərindən məqsəd beynəlmiləlçilikmidir? Cəmiyyətə, insanlığa bir nicat, bir səadət verməkmidir? Burada mühüm məsələ hərəkətin, vasitənin yaxşı-yamanlığı deyil, zərərli-xeyirli olması deyil. Sənanın şəxsiyyətini təyin etmək üçün əsil məsələ onu o hərəkətlərə sövq edən səbəblərdir. Əsil məqsəd nədir, onu qiymətləndirməlidir. Dünyada o qədər müharibələr olmuşdur. Bu müharibələrdə o qədər qanlar tökülmüşdür ki, Fransa inqilabında tökülən qanlar onun çərəki də olmaz. Hər ikisində qan tökülmüşdür. Fəqət Azərbaycanda bütün qan tökülən müharibələrə nifrət edilirkən Fransa inqilabı bayram saxlanılır. Nə üçün? Çünki məqsədlər başqadır. Bir italyan zabiti canından qorxub müharibədən qaçmışdır. Biz onun üçün bir heykəl tikməliyiz ki, nə var, gedib qan tökməmişdir... Doğrudur, onun qaçması nəticəsində qan tökülməmişdir. Yaxşı iş olmuşdur. Ancaq onun məqsədi qan tökülməmək deyil, müharibəyə insan qanının tökülməsinə qarşı üsyan deyil, bəlkə öz canının qorxusudur. Ona görə də bizim üçün heç bir əhəmiyyəti yoxdur. Şimdi ola bilər ki, şərab içmək yaxşı şeydir, qumar oynamaq yaxşı şeydir, donuz otarmaq da yaxşı şeydir – kənd təsərrüfatı artar. Gürcü qızı sevmək də yaxşı şeydir, çünki bunlar cəmiyyətə xeyir verə bilər. Fəqət Sənan Xumarı ona görə sevməyir ki, cəmiyyətibəşəriyyəyə xeyirdir, ona görə sevir ki, Xumar gözəldir, döşünə yatır. Xaçı ona görə asmayır ki, onun xeyri vardır, ona görə asır ki, Xumarı almaq üçün o bir vasitədir. Burada məqsəd Xumar, mühərrik isə, onun nəfsi, onun qadınçılığı, onun daxilindəki saxlanmaz adi, bayaqı ehtiraslar. İştə həmin bu ehtiraslara da Sənan bütün əməlini, diləyini, ictimai məqsədlərini, məfkurəsini, məsləkini qurban verir. Üzvü bulunduğu cəmiyyət qarşısında daşıdığı vəzifələri atır, cəmiyyət üçün bəslədiyi ictimai əqidə və məsləkini öz şəxsi ehtiraslarına, öz şəxsiyyətinə satır. Öz şəxsi ehtiraslarına tapınaraq bəşəriyyəti buraxır, donuz damına soxulur. Böylə bir şəxsiyyətə Ştiverdən başqa hankı bir cəmiyyət müsbət gözlə baxa bilər. Deyə bilərlər ki, o donuzlar Sənanı əhatə edən şeyxlərdən yaxşıdır? Sənan onlardan ayrılmaqla çirkabın üzərinə çıxmış oldu. Hər doğru yol tapıb özünü kənara çəkənlərə yaxşı adam deyilə bilərmi? Pək eyi, çox gözəl, Mərvan donuz, Nəim də donuz, bəs Sədra? O donuzdur. Bəs Hadi? O da donuzdur! Bəs səni bəsləyən, səni yetişdirən, tərbiyə edən mühit, sənə göz bəbəyi yedirən cəmiyyət, sənə əba verən, ləbbadə verən, əmmamə verən fəqət həmin səfaləti-çirkabın içərisində boğulan, çabalıyan milyard yarımlıq zavallı bəşəriyyət. Onları kim düşünməlidir. Hər doğru yol tapıb evinə qapanan adamlara yaxşı deyilərmi? Sənin həyat və səadətin təmin edildisə, hər şey bitdimi? Sən doğru bir yol buldunsa, hər şey bitdimi? Halbuki, sən səmimi bir xalqçı olsaydın, bir eqoist olmasaydın, öz ehtiraslarını boğar, öz nəfsini öldürər və donuz damına girməkdənsə, səni görməyə gəlmiş yığın-yığın insanların arasına çıxar, tapdığın doğru yolu onlara da göstərərdin. Öz nüfuzundan istifadə ilə onları bir nicata doğru çəkə bilərdin. Fəqət sən bunu yapmadın, çünki bu, gücdür. Bunun üçün insanda fədakarlıq, iradə lazımdır. Fəqət Sənanda Xumarın eşqinə qarşı qüvvət və iradə yoxdur. O, ehtiraslarının əsiridir. Onları tanıyor, onları düşünür. Özünü, ancaq özünü düşünür. Ona, böyük bir məqsəd ilə gəldin – deyəndə Vətənim, Kəbəm, Məkkəm, Mədinəm həp Xumardır, əl çəkməm – deyir. Ondan başqa hər şeyə nifrət. Qoy bütün dünya məhv olsun, fəqət mən Xumardan əl çəkməm. Bu bir yaxşılıqmıdır? Bu bir hünərmidir? Bunu hər kəs yapa bilər və yapır. Bunu bütün məmləkətin, bütün xalqın hüququnu, həyat və səadətini öz şəxsiyyətinə fəda edən 1-ci Lyudoviq “Posle menya xot potop” – deyə daha gözəl bacarır. Bunun bütün məmləkəti, bütün xalqı obezliçenni bir hala salan, bütün cəmiyyəti öz şəxsiyyəti ayaqlarında tapdayan 14-cü Lyudoviq də “Qosudarstvo – eta ya” – deməklə daha gözəl yapır. Pək eyi, Şeyx əfəndi, sizin bunlardan nə fərqiniz vardır? Fəqət fərqiniz vardır. O da budur ki, onlar yapdıqlarını olduğu kimi açıq-açığına söyləyirlər. Sən isə niyyətini gizlətmək üçün hər hərəkətinə bir bəhanə qoşur, bir don geyindirirsən. Hər hərəkət üçün bir bəhanə gətirirsən. Fəqət məqsəd sənin şəxsiyyətindir. Bütün ictihadların ancaq şəxsi mənfəətinə xidmət etmək üçündür. Məkkədə ikən həp cinayət, qadın cinayəti. Çünki Sənan qadınları öz şöhrət və cəlalı üçün qorxulu görür. Tiflisdə ikən qadınlar yaxşıdır. Çünki Sənan Xumarı sevir. Son pərdədə qadınlar başa bəladır. Çünki, Sənanın Xumardan əli çıxmışdır. Şərab içmək yaxşıdır, çünki Sənan özü içməyə məcburdur. Xaç taxmaq olar, çünki buna da məcburdur. Sənan özü yaxşı ki, adam öldürmək məcburiyyətində qalmamış, yoxsa o da İbrahimin qoyunu kimi bir ictihad, bir qanun olaraq boynumuza keçəcəkdir. Beləliklə, hər bir ictihadı ta Şərq mollalarında olduğu kimi, cəmiyyətin səadəti üçün deyil, ümumi birlik ilə deyil, ancaq Sənanın səadətinə xidmət etmək üçündür. Burada bir məsələyi qeyd etməlidir. Çünki bizim adamlar bir az fantazistdirlər. Ariflik deyə hər açıq şeydə gizli bir məna, bir rəmz, bir müəmma ararlar. Deyirsən, bazara gedirəm. Deyir görəsən haraya deyir, biz başa düşməyiriz. Məsələn, Sənan Xumarı almaq istəyir. Bir də görəcəksən müdafiəçi durdu ki, yox, sən başa düşməyirsən. Xumar hələ Sənanın idealıdır... Onu bir ideal kimi sevir. Xumar Sənanın fikri, əqidəsi, əməlidir. Onun yolunda hər şeyi fəda edir. Bunu Sənan desə, eybi yoxdur. Çünki o adətən hər şey üçün bir bəhanə tapa bilir. Ona deyəndə ki, ya Şeyx, sən ki, o qadından ürkərdin? Deyir bu qadın deyil, mələkdir. Müdafiəçi də bu sözdən yapışıb deyəcəkdir ki, tək bir mələk deyil, hətta əməldir, idealdır, bilməm nədir. Çünki Sənan ona özü mələk deyir. Nə olsun ki, deyir. Sənan Zəhraya da deyirdi ki, sən mələksən, əməlimsən və i.a. Bu hiylə belə olar da. Bir kişi aldığı bir qadına nə deyə bilər? Ya deyəcək sən mələksən, ya deyəcək məlaikəsən, allahsan, bu, kor-kordur da. Yoxsa nə desin?! Desin sən şeytansan, ifritəsən, əcinnəsən, kafirsən. Ya mələk deyəcək, ya da buna oxşar bir şey də. Yaxşı tutalım ki, Xumar Sənanın hələ doğrudan-doğruya idealıdır. Nə üçün Sənan keşişin bir kəlmə sözü ilə öz idealını atıb getdi? Əgər Sənan bütün idealları üçün böylə mübarizə aparırsa, daha yaman. Tula itdən murdar. Son pərdədə Xumar ona gəlib deyir: Pək müqəddəsdir iştə bəncə sənin, Həp şeyin, həp təriqətin, dinin. Burada yoldaş müdafiəçi də özünü itirəcəkdir. Əcaba o könüldən düşən bunların hankıdır? Xumar Sənanın, ya Sənan Xumarın. Ancaq bunların həpsi birər xəyal, birər xülyadır. Mələyin, əməlin, idealın donuz damında nə işi vardır? Nəhayət, Sənan iki il donuz otardıqdan sonra əski şöhrət və cəlalının da əldən getdiyini, Xumarı da ala bilmədiyini görüncə peşman olub deyir: Şeyx, ya Şeyx, gəl də seyr elə, Yandım atəşlə kəndi rəyimlə. Mən qulaq vermədim dəyərli sözə, Həp qadından gəlir nə gəlsə bizə. Demək, Xumarı sevmədiyindən onun uğrunda əhlini, diləyini atmasından peşman olmuşdur. Ah, sağ olsaydı şimdi Şeyx Kəbir, Ataraq seyr edərdi pək əlini, Kəndi möcüznüma kəramətini. Yəni Şeyx nə demişdisə, öylə də oldu. Fəqət Şeyx nə demişdi bilirsiniz: Baş verir səndə öylə bir hərəkət, Alçalır, ruhun alçalır... Ancaq Səni alçaldan ehtiras olacaq. – Hankı şeydir səbəb fəlakətimə? – Ah!.. o yalnız qadındır, iştə qadın! Sənan bu sözləri xatırlayaraq və doğru olduğunu etiraf edərək deyir: Mən qulaq vermədim dəyərli sözə, Həp qadından gəlir nə gəlsə bizə. Yəni qadın, Sənanın fəlakətinə səbəb olan qadının da başqa bir mənası vardır. Bəlkə qadın ərəbcə məlayikəyə-zada deyirlər, mən bilmirəm. Ancaq qadın bizim dildə – iki əlli-ayaqlı qadına deyirlər. Fəlakət də fəlakətə deyilir. Sənan son nəfəsdə Xumara yeganə qurtuluş qarşıdakı uçurumdur deyir. Uçurum da uçuruma deyirlər. Yəni dərin bir dərənin dibi. Nə az, nə çox Sənan türkcə danışırsa, sənə bəllidir. Xumar nə mələkdir, nə əməldir, nə də məsləkdir. Sadə, adi bir qadındır. Yox, əgər Sənan göydəki mələklərin dilində danışırsa, onu biz bilmirik. Bəlkə orada uçurum fəzilətə deyirlər, ya məfkurəyə deyirlər, kim bilir. Ancaq, yoldaşlar, mənə aydındır. Sənan özü bir türküstanlı bir türkdür. Türkcə də danışır. Xəyala, xülyaya uymaya gəlməz. Ariflik təbii, fəna bir şey deyildir. Ancaq genə də hər şeyə öz adını vermək yaxşıdır. Sənan bir qızı sevmiş, bənd olmuş, onun yolunda yaxşıyaman öz məsləkini satmış, hər bir şeyi atıb öz ehtiraslarına əsir olmuşdur. Nəhayət, qızı özünə məftun etdikdən sonra onun uğrunda heç bir mübarizə aparmadan qoyub qaçmış və zavallı qız son nəfəsində ondan nicat yolu istərkən uçurumdur deyə onun da fəlakətinə səbəb olmuşdur. İştə, yoldaşlar, Sənanın bütün şəxsiyyət və mahiyyəti. Yalnız, yoldaşlar, bir məsələ də vardır. Bu məcaralar Xumarın və Zəhranın fəlakətilə bitməmiş olsaydı, demək olurdu ki, pək eyi, Sənan qadınçıdır. Şərab da içir, sənə nə var. O da bu şərab içənlərdən, o da bu qumar oynayanlardan biri. Mən, yoldaşlar onu deyəcəyəm ki, o bu cəmiyyətin bir üzvüdür. Cəmiyyət onu böyüdüb tərbiyə etmiş. Hər bir fərd olduğu kimi, o da cəmiyyət qarşısında bu ictimai həyatda bir vəzifə daşımalı, bir fayda verməlidir. Yoxsa ona cəmiyyətin yaramaz övladı deyərlər. Fəqət yoldaşlar, mən başqa bir şey demək istəyirəm. Sənan bu sadə qumarbazlardan, sərxoşlardan olsaydı cəhənnəmə, dərd yarı idi. Fəqət mən çox işlətdiyim bir timsalı burada xatırlatmaq istəyirəm. Qanun kitablarında gərək ki, böylə bir maddə vardır. Məsələn: Pirməmmədqulu acıqlanıb, ya keflənib öz evini yaqarsa ona cəza verilməlidir. Ancaq bağışlamaq da olur. Fəqət həmin Məmmədqulu acıqlanıb, ya keflənib öz evini yaqarsa və bunun nəticəsi olaraq qonşu evlər də od alıb kəndin yarısı yanarsa, o zaman Məmmədqulu rus demişkən “ne nipodkakim vidom” bağışlanmaz, mütləq cəzalanmalıdır. Şimdi Sənanın hərəkətlərinə və onların nəticələrinə fikir verəlim. Sənanın mühiti qaranlıq, cahil bir mühitdir. Gözlər kor, fikirlər paslı, kimsə düşünməz, düşünsə də; uzaq getmə batarsan – deyə ağzını yumarlar. Bu mühitdən bir nəfər Sənan çıxır. Ağlının ucilə meraca şəkk eyləyir, şəqqülqəmərə də başqa bir məna verir. Bunun üzərinə bütün mühitdə ona qarşı bir şübhə doğur. Mühit bir az inanır, bir az şübhə edir. Fəqət həmin mühit meraca şəkk etməkdən başlamış Sənanın 2 ildən sonra bir qız üçün xaç taxmaqla bitirməsini görüncə, ümumən böylə yeni fikirlərə nasıl baxa bilər. Bundan sonra bir zihayat çıxıb merac yalandır deyə bilərmi? Uzaq getmə, sən də Sənan kimi batarsan – deyə ağzını tıxayacaqlardır. Sənan öz hərəkətləri ilə tarixin yetişdirdiyi xalq və hikmət oğullarının – Cəlaləddinlərin və sairənin də yollarını kəsmiş, ağızlarını qapamış, qanadlarını qırmış olur. Xalqda yeni fikirlər və yeni fikirli adamlara qarşı bir nifrət, bir etimadsızlıq törədir ki, bu, xalq üçün, bu, mədəniyyətin və bəşəriyyətin tərəqqisi üçün hər şeydən zərərlidir. Böyləcə öz hərəkətləri üçün zaman və məkanla hesablaşmayan ünsürlər də xalq üçün zərərlidir. Tutalım ki, Sənanın yeni bir fikri vardır. Öz hərəkətlərini xalqın səadəti üçün yapırdı. Şərab içməyi xeyirli bilirdi. Fəqət o, bunların həpsini bir qıza qarşı yapmamalı, mühitin əhvali-ruhiyyəsini düşünməli, onun anlağı dərəcəsində hərəkət etməlidir. Yaponlar nə üçün Avropa mədəniyyətini tez mənimsədilər. Çünki yaponlar Avropa mədəniyyətini Yaponiyaya şərab içərkən, ya kataloq taqınaraq gətirmədi. Onlar Parisdə oxumağa gedərkən kataloqda getdilər, qayıdarkən yapon ərəqçinində qayıtdılar. Xalqın içinə girdilər. Onunla onun öz paltarında, öz dilində danışdılar və onu anlatıb kataloq taqdıqdan sonra özləri də kataloq taqdılar. Sənan da həqiqi bir məslək mürəvvici olsaydı, onu donuz damından söyləməzdi. Araya çıxar, xalqı onun öz dili ilə anladardı. Mən istərdim yoldaşların bir dəqiqə də olsa, fikri Sənanın yaşadığı mühitə köçürüləydi, xalqın Sənanın hərəkətlərinə qarşı nələr duyduğunu hiss edə biləydilər. Pək eyi, şimdiki zamanı götürünüz. Qadınlardan daima şikayət edən bir müəllim təsəvvür ediniz. Bir nəfər qobulu öz qızını onun yanına qoymuş, oxudur. Bir gün qobulu içəri girir. Müəllim lüt madərzad soyunmuş, qızı da öpmək istəyir. Saxla, yoldaş, nə yapırsan? Sən sus, çünki sən donuzsan, anlamazsan, bir dəfə öpməyin eybi yoxdur. Hətta şimdiki zamanda böylə bir müəllimə nə deyilə bilər? Şübhəsiz, ya dəli deyirlər, ya əxlaqsız, Halbuki, heç biri deyil. Sən demə, yazıq müəllim sonradan fikrini dəyişmiş “daloy stada” oxşar bir şey olmuşdur. Bu 10 il bundan əvvəl yapılsaydı, bir nəfər qobulu qələt eləyib öz qızını məktəbə göndərərdimi? Fikrin var, onu mənə də anlat. Yoxsa mən nə bilim sən nə yapırsan? Yoxsa sən qıza bənd olub şərab içəcəksən? Deyəndə də deyəcəksən ki, sən donuzsan, kim anlamayırsa, dəf olsun. Bu da bir rəhbərlik oldu. Sən, Sənan, həqiqi bir inqilabçı olsaydın, xalqın ruhunu düşünər, onun ilə öz dilində danışardın. Öz duyğularını, öz həyatını boğar, xalqın içinə girər, onu anladar, nicata doğru sürüklərdin. Yüzü anlamazsa, ikisi anlardı. Sənə o da bəsdir, Nə cür ki, bunu heç səbəbsiz təhqir etdiyini bu qoca dərviş yapırdı. Onun bir fikri var. Yanlışdır. XX əsrdə xalqı bəşəriyyətdən uzlaşmaya dəvət edəcək bir fikrə doğru deyəcək deyiliz. Fəqət doğru yanlış bir fikri vardır. O bilir ki, həyatın şimdiki quruluşu, zamanın fikir və fəlsəfələri yanlışdır. Dinlər hədərdir. Çarə bəşəriyyətdən uzaşmayı görüyür, fəqət özü qaçmayır. O, başaçıq, ayaqyalın rus demişkən, “bezşabaşno” bütün xalqın, bütün kütlənin, izdihamın, bütün bəşəriyyətin içinə atılmış, öz fikrini anladır, xalqı doğru yola çəkir. Bunun üçün sadə, anlaşılan vasitələrə müraciət edir. Sənanı son fəlakətdə görüncə, yorulmaq bilmədən kim bilir nərələrdən qoşub gəlir. İştə gördünmü din nələr törədir? – deyə bir mülayimətlə ona anladır. Böylə açıq, sadə bir tərzdə, böylə münasib bir mövqedə söylənmiş sözləri kim anlamaz? İştə bu adam doğrudan da bir xalqçı, doğrudan da bir məslək adamıdır. O, çırpınır, o pərvanə kimi xalqın başına fırlanır. O. bir şey, bir mükafat da gözləmir. O, iki ildən sonra əhdə vəfa, otardığı donuzlara qarşı Xumarı da istəməyir. O, havayı çalışır. O, öz məsləki və əqidəsi üçün çalışır və kim bilir böyləliklə nə qədər adamı qandırmış, nə qədər adamın fikrini yerindən oyatmış, həqiqəti düşünməyə, heç olmazsa, düşünməyə sövq etmişdir. Bu hər halda cəmiyyətə bir faydadır. Fəqət Sənan bağlandığı 2 il şu donuz damından cəmiyyətə nə verə bilərdi? Olsa-olsa 3, ya 4 donuz. Çünki o, xalqı düşünməyir. Xalqın ruhunu anlamırdı. Onun sadəliyini, avamlığını donuzluq sanır. Halbuki yanqusu yağırkən qoca bir qarının savab olsun deyə, şələsindən ocağa 2 çırpı atmasını görüncə bir sevinc, böyük bir məmnuniyyət, bir sövq ilə deyir: – “Svyataya prostata”. Iştə bu adam xalqı anlamış, onu anlamaya çalışmışdır. Fəqət Sənan xalqı heç düşünməmiş, ancaq özünü, öz ehtiraslarını düşünmüşdür. Minlər ilə insanlar onun ziyarətinə gəlmişkən, ondan nicat yolu gözləyirkən o utanmadan deyir: “Sərsərilər, zavallı şaşqınlar, gediniz, haydı, haydı, ağzınlar!” * * * Azərbaycan türk ədəbiyyatının son vəziyyəti I Dünən hər bir şeyimiz vardır, deyə düşünülürkən bu gün hər bir şeyimizin natamam olduğunu qeyd etmək nə qədər acı olsa da, hər halda, bir həqiqətdir. Son illərin yenilikləri bütün əski gedişi cığırından çıxardığı kimi, xüsusilə, əski ədəbiyyatı da büsbütün təməlindən sarsıtdı. Bu vaxtadək yazıçılarımızın fikir və mövzusunu təşkil edən cəhalət, maarifsizlik, qumarbazlıq, qatillik və sairə ilə mübarizə və ümumən, bu kimi mövzular olduqca yersiz, vaxtsız və bayağı bir hala gəldi, artıq elə yazıların fikirləri çox irəliləmiş mühit üçün mənasız və gülünc görünür. Digər tərəfdən əski şeir üsulları və şəkilləri, daha doğrusu bir qəzəl ya bir qəsidənin sözləri dalqabaq yerləşdirilməklə təkrari, deyil ki, yalnız oxucuları, bəlkə şairlərin özlərini belə usandırmış oldu. Çünki bu əsərlər bir şairin, ya bir ədibin bilavasitə, həyatdan aldığı təsiratın bilaixtiyar yaratdığı əsərlər olmayıb, ancaq keçmişlərin həyatı tədqiq ilə yazdıqlarının həyatdan aldıqları və qeyd etdikləri təbii təəssüratın birər süni və çox vaxt çox kobud təqlidi olurdu ki, bu əsərlər də kopiyadan kopiya olduqları üçün, hər halda, əslindən zəif olurlardı. Həyatımızın ölgün və durğun dövrlərində bu kimi yapma, cansız və duyğusuz əsərlər, bəlkə də bir çoxlarını əyləndirə bilərdi. Fəqət indi artıq bütün fikirlərin azçox yüksəldiyi, duyğuların incəldiyi bir dövrdə belə əsərlərin kimsəyə zövq aldırmayacağı təbiidir. Xüsusilə, son zamanlarda Türkiyə ədəbiyyatının az-çox yeni bir şəkil ilə mühitimizə soxulması boyanı daha da qatılaşdırmış oldu. Əski ədəbiyyatın əsaslarına Hadi və Sabir tərəfindən endirilmiş baltalar da, öz ağırlığını duydurmaya bilməzdi. Hər tərəfdən qəzəl və qəsidələrə sərzənişlər yağdırılmağa başladı. Bunun üzərinə əsərlərinin kimsə tərəfindən təqdir edilmədiyini görən yazıçılar, ədiblər, şairlər ya yeni həyata uyğun, canlı və yüksək əsərlər yaratmalı, ya da istər-istəməz susmalı idilər. Başqa bir yol yox idi. Məəttəəssüfanə, bunlar ikinci yolu təqib edib susdular. Beləliklə, ədəbiyyatımızın əski telləri qırıldı. Yeni tellər, yeni pərdələr isə hənuz tərənnümə başlamadılar. Bunun da səbəbi gediləcək yolların bəlli olmamasıdır. Gənclik özünü Şərq klassizmi ilə Qərb realizmi arasında görüncə birdən-birə şaşırdı. Azərbaycan ədəbiyyatı Qərb ədəbiyyatının noyeklasizmindən sonra keçirdiyi dövrləri, məktəbləri təkrarmı edəcək, yoxsa hamısını bir tərəfə buraxıb birdən-birə realizmə keçəcəkdir? Bunun üzərinə ortaya bir məktəb məsələsi atıldı. Azərbaycan türk ədəbiyyatı hansı bir məktəbi təqib edəcəkdir? II Keçən sayda Azərbaycan türk ədəbiyyatının bu son günlərində araya bir məktəb məsələsi atıldığı və ədəbiyyatımızın hansı məktəbi təqib edəcəyi ətrafında bir çox fikirlər söyləndiyini qeyd etmişdik. Bir çoxları inandırmaq istəyirlər ki, müəyyən ədəbi dövrlərin məktəblərinin hər bir millət içində müntəzimən təkərrürü sarsılmaz, təbii və tarixi bir qanundur. Qərb ədəbiyyatı realizm məktəbinə varınca klassizm, noyeklassizm, romantizm və ilaxir dövrlər keçirdiyi və bu dövrləri bütün ayrı-ayrı xalqlardan təkrar etdiyi kimi bizdə də eynilə təkərrür etməsi qaçılmaz bir şeydir. Ədəbiyyatımız, hal-hazırda yeni klassizm dövrünü bitirmiş, daha doğrusu bitirmək üzrədir. Ona görə də biz sıra etibarilə nə qədər irəli getmək istərsək, ya gedəcək olursaq, yenə heç olmasa, romantizm dövrünü keçirməliyik. Fəqət burada bir şey unudulur ki, o da indiki mədəniyyətin vücuda gətirdiyi asanlıqdır. Keçmişdə bir məktəbin bir ölkədə məhv olduğu sırada başqa bir ölkədə yenidən başlaması, aradakı münasibətin çətinliyindən bir ölkədəki ədəbiyyatdan o biri ölkənin xəbəri olmamasından irəli gəlirdi. Halbuki, bu gün o çətinlik yox. Bu gün Romada çıxan bir əsəri yarın Gəncədə oxumaq və onun açdığı yenilikləri mənimsəmək mümkündür. Zatən Şekspirin heçdən bir ingilis ədəbiyyatı yaratdığı, həm də bu ədəbiyyat İstambul fəthindən sonra Yunan ədəbiyyatının dəniz yolu açılınca bilavasitə İngiltərəyə nəqli təriqilə olduğu bəllidir. Digər tərəfdən həmişə hər yerdə ədəbiyyat mühit və həyat ilə bərabər yaşamış, mühitin fikir və fəlsəfəsi tərzi-təfəkkür və təyişi ədəbiyyata təsirsiz olmamışdır. Bu gün biz yunan klassik ədəbiyyatını götürüb o zamankı Yunanıstan həyatı ilə qiyas etmiş olursaq, mühitinin dini, ictimai və siyasi fikirlərini əks etdirdiyini görmüş oluruq. O zaman yunanlar özlərini əski mövhum qəhrəmanlara oxşatmağa çalışır, allahlar şərəfinə bir çox əsatir və əfsanələr yaradır və ümumən, əsatir və əfsanəvi bir həyat sürürlərdi ki, bu da Yunan klassik ədəbiyyatında tamamilə təzahür etmişdir. Fransa, İngiltərə ədəbiyyatına da baxmış olursaq, hər zamanda öz mühitinin ruhunu, həyatını təsvir etmiş olduğunu görürük. Fransa ədəbiyyatının bədənpərvazlığı əfsanəvi dövrləri vaxtının parlitlər sevən salon cəmiyyətinin tərzitəfəkkür və təyişindən heç də ayrılmayır. Eynilə protestantlıq ilə katolizmin çalışması və bir çox yeni kəşfiyyatlar dövrünə təsadüf edən Şekspir ədəbiyyatı da yenə öz mühitinin ictimaisiyasi, dini və ilaxir həyatın təsviridir ki, burada mühiti düşündürən və maraqlandıran bir çox məsələlərdə özünə cavab bulunmuş olur. Başqa dürlü olmaz idi də. Ədəbiyyat cəmiyyətin bir güzgüsü kimi tələqqi edilirsə, onun bütün maddi və mənəvi həyatını doğrudan-doğruya təsvir etməlidir. Beləliklə, hər bir ölkənin ədəbiyyatı hər bir vaxt öz mühitinin bir güzgüsü olmuşkən, onun bütün maddi və mənəvi həyatını əks etdirmişkən, yalnız bizim ədəbiyyatımız başqa bir cərəyanla getmiş, öz mühitinin güzgüsü olmamışdır. Fəqət bu, yenə də mühitimiz ədəbiyyatımıza büsbütün təsir edəməmişdir demək deyildir. Adətən, bir cəmiyyət nə qədər qüvvətli, mənəviyyat və məhdudiyyətcə nə qədər zəncin və yüksək olursa, onun yaratdığı ədəbiyyat da o nisbətdə zəngin və qüvvətli olur. Tərsinə olaraq, bir dövrün ədəbiyyatı nə qədər zəngin, qüvvətli və yaxud sönük və ölgün olursa, cəmiyyətin də eyni nisbətdə yüksək və ya sönük olduğu kəsdirilə bilər. Bunun üzərinə biz Azərbaycanın siyasi və ictimai tarixi ilə ədəbiyyat tarixini tutuşduracaq olursaq, bir-birinə çox uyğun və mütənasib yollar ilə getdiyini görmüş oluruq. Ərəblik, farslıq hökmranlığına dözmüş Şirvanşahlar və xanlıqlar dövrü görmüş Azərbaycanın siyasi tarixi bir çox parlaq və sönük yarpaqlara malik olduğu kimi yaxın əsrlərdə ən parlaq dövrünü təşkil edən Şirvanşahlar zamanında belə bütün mühiti fars mədəniyyətinin təsiri altında bulunmuşdur. Xüsusilə, Şirvanşahlar İran sarayı tərəfindən təyin edilir, İrana xərac verir və bütün saray İran sarayını təqlid ilə ona oxşar həyat sürürdü. Fars lisanı və ümumən, mədəniyyəti də hökmüran bir mövqe tuturdu. İştə belə çılpaq bir mühitin də səmərəsi olmaq üzrə xaqanilər, nizamilər meydana çıxdılar ki, hər ikisinin sonsuz ədəbi bir iqtidara malik olduğuna, fars ədəbiyyatının içində belə hakim bir mövqe tutduqlarına baxmayaraq, yenə həyat ümumiyyəsilə fars ədəbiyyatı, lisanı və ümumən, mədəniyyətinin təsiri altında bulunmuş, əsərlərini də farsca yazmışlardır. Azərbaycandakı bu dövrün istər siyasi, istərsə, ədəbiyyat tarixi o qədər maraqlı, eyni zamanda o qədər çalpaşıqdır ki, bunu ətraflıca təhlil etmək bir neçə cümlənin işi deyildir. Sonralar əsil mərkəzdə İran mədəniyyəti sustlaşır, zəifləşirkən belə Azərbaycanda da mədəni hakimiyyət ilə bərabər siyasi hakimiyyətin də sustalmasına baxmayaraq, mühit yenə əski İran mədəni həyatını təqlidə davam etdiyi kimi, ədəbiyyat da artıq əski İran klassik ədəbiyyatının kor-koranə bir təqlidçisi olur və həmin vəziyyəti öz sönüklüyü ilə, durğunluğu ilə əks etdirir. Beləliklə, həyat İran həyatının təqlidi olduğu kimi, ədəbiyyat da büsbütün İran əski ədəbiyyatının təqlidi olur. Yalnız burada bir cəhət vardır ki, o da son vaxtlardakı ədəbiyyat Azərbaycandakı təqlidi həyatın təqlidlərini təqlid əvəzinə, onun əsl təqlidini bir orijinal kimi təsvir əvəzinə, tərsinə olaraq, İran ədəbiyyatının İran həyatını əks edən ədəbiyyatı təqlid etmiş və beləliklə də ümumi ədəbiyyat cərəyanında bir yapmalıq üz göstərmişdir. Getdikcə Azərbaycanda Iranın mədəni hakimiyyəti sustaldıqca siyasi hakimiyyəti də sustalır, siyasi hakimiyyət süqut edib Azərbaycanda İrandan ayrılmaq cərəyanı artdıqca mədəni təsir də xəfifləşib, ədəbiyyatın da türkcələşməsi cərəyanı qüvvətlənir. Nadir şah və Ağaməmməd şahın əsgəri qüvvələri artıq Azərbaycanı büsbütün təslim etdirəmədiyi kimi fars mədəniyyətinin və xüsusilə ədəbiyyatının yapma parlaqlığı da Azərbaycan ədəbiyyatını büsbütün təslim etdirəmir və bu dövrün nəticəsi olaraq Vaqif və başqa bu kimi şairlər yetişirlər. Getdikcə İranın mənəvi təsiri artır ki, bu təsir xəfif bir şəkildə olsa da, hər halda son vaxtlaradək davam edərək gəlmişdir. Məqsədimiz ədəbiyyatımızın son vəziyyəti olduğundan yuxarıdakı cəhətlərdə təfsilata vurulmayıb, ümumiyyət etibarilə, götürürsək, son zamanlar Azərbaycan türk ədəbiyyatı başlıca olaraq üç təsirin sıxıntısı altında olmuşdur. III Keçən saylarda biz son Azərbaycan türk ədəbiyyatının başlıca olaraq üç təsirin sıxıntısı altında bulunduğunu göstərmişdik. Bunlardan birincisi, dediyimiz kimi, farsca yazılmış ədəbiyyat olmuşdur ki, bütün Qərb üçün Yunan və Roma klassizmi ilk mənbə olduğu kimi, Azərbaycan türk ədəbiyyatı üçün də farsca yazılmış ədəbiyyat bir təqlid mənbəi olmuşdur. Biz “fars ədəbiyyatı” deyil, farsca yazılmış ədəbiyyatı deyirik. Çünki bu gün fars dilində gördüyümüz ədəbiyyat ayrıca farsların deyildir. Onun sarsılmaz bir sütununu Cəlaləddin Rumi kimi böyük türk şair və filosoflarının farsca yazdığı “məsnəvi”lər təşkil etdiyi kimi, eynilə ümumi İran mədəniyyəti mühitində olaraq farsca yazmış olsalar da, fəqət əsərləri deyil ki, fars ədəbiyyatına təqlid etməmiş, bəlkə bütün orijinal olub ən qüvvətli fars yazıçılarının ən qüvvətli əsərlərilə rəqabət edə biləcək və bəlkə də bir çoxlarına üstün gələ biləcək, hətta bir çoxları üçün tərsinə olaraq, təqlid mənbəi edəcək və etmiş olan Nizami, Xaqani kimi Azərbaycan türk ədibləri də vardır ki, bunları unutmaq olmaz. Bu gün bir Azərbaycan türk şairinin farsca yazdığı: “Han ey, dili-brətbin, öz didə nəzər kon, han, eyvani-mədainra ayineyi-ibrət dan” kimi əsərlərinə ən qüvvətli fars şairlərinin nə qədər çalışsalar da, bu vaxtadək nəzirə belə yazmadıqları göz önündədir. Fəqət, ümumiyyətlə, fars ədəbiyyatında türk ünsürlərini və onların əhəmiyyətlərini araşdırıb bulmaq və göstərmək mövzumuza daxil olduğundan bu cəhətlə hər halda ədəbiyyat tarixçilərimiz tərəfindən aydınlaşdırılacağını ümid ilə keçirik. Hər halda ədəbiyyatın beynəlxalq yürüşü cəhətincə əksərən ümumi bir mənbədən və çox vaxt Hindistandan əsas alıb da, Qərbə və Şərqə doğru Bizans və İran vasitəsilə yayılan səyyar mövzular əski Yunan və sonra da Roma ədəbiyyatında başqa bir şəklə salınıb, Qərb ədəbiyyatı üçün bir mənbə olduğu kimi, İran-fars ədəbiyyatında da tam başqa bir şəklə salınıb, tam başqa şəkildə götürülmüş və bu da ötədən bəri Azərbaycan türk ədəbiyyatı üçün bir təqlid mərkəzi olmuşdur. Bu mühit içində Nizaminin yaratdığı romanlar və bir neçə bu kimi əsərlərdən başqa adətən bir-birini təkrar edən və nəhayət, xüsusilə, Füzulidən sonra çox bayağı mədhiyyələr, bu kimi yazılardan başqa bir şey yaradılmamış və son günədək bu qəzəllər, qəsidələr birbirini təkrar ilə getdikcə zəifləşərək davam etmişlərdir. Onu da unutmamalıdır ki, bu ədəbiyyat əksərən cəmiyyətin yüksək və ziyalı təbəqəsinə aid olub, xalq ilə qətiyyən əlaqəsi olmamışdır. Bu ədəbiyyat ilə yan-yanaşı olaraq o, yəni adi xalq özü üçün ayrı bir ədəbiyyat yaratmış və öz ruhundan doğmuş, onun ruhunu və mənəviyyatını təsvir edən, ruhunu, zövqünü oxşayan bu doğma yavrusunu can kimi qucub onunla yaşamışdır. Sarayları mədh edən, qaş-gözləri tərif edən bu yapma, cansız, duyğusuz, qeyri-təbii ədəbiyyat onun 4 telli sazına uymamış, o öz yaratdığı kərəmlərilə, qəriblərilə, Tapdıqları ilə gün keçirmiş, onların kədərlərinə ağlayaraq, qələbələrinə sevinərək, son zamanlaradək gəlmişdir. Insafən, etiraf edilirsə, Azərbaycan türk ədəbiyyatının ən parlaq səhifəsini bu adi xalqın bir sövq-təbii ilə yaratdığı bu adi xalq ədəbiyyatı təşkil edir. Azərbaycan türk ədəbiyyatına digər bir təsir icra edən də rus ədəbiyyatıdır. Bu məsələyə keçmədən orasını qeyd etməliyik ki, Azərbaycan türk ədəbiyyatı əsasən 3 deyil, 2 təsir altında olmuşdur. Bunlardan biri, xüsusilə, müxtəsər söylədiyimiz İran və ümumən, Şərq ədəbiyyatı, digəri isə 19-cu əsrin ortalarından özünü hiss etdirməyə başlamış Qərb ədəbiyyatıdır. Həmin Qərb ədəbiyyatı Azərbaycana iki yol ilə təsir etmiş ki, bunlardan biri Rusiya, 2-cisi isə Türkiyədir. Ədəbiyyat vaxtilə bir mənbədən çıxıb. Qərbdə bir, Şərqdə isə başqa bir şəklə necə düşmüşsə, eynilə Qərb ədəbiyyatı da Rusiyada bir şəkildə, Türkiyədə başqa bir şəkildə alınmış və həmin ədəbiyyatın bu iki dairədə bağışladığı təsir də başqa-başqa olmuşdur. Ruslar bu ədəbiyyatı alıb ona əsaslanaraq, rus həyatında qüvvətli bir ədəbiyyat yaratmış və hətta orijinallar ilə rəqabət edə biləcək, bəlkə də ara-sıra orijinallarından daha qüvvətli orijinallar yarada bilmiş və sonra da qəti bir mənlik alıb, Qərb ilə umuz-umuza yürüyə bilmişlərdir. Türklər isə Avropaya daha yaxın, daha əlaqədə olduqlarına baxmayaraq, çox zaman, hətta irəli gedirlərsə, demək olar ki, son zamanlaradək belə, məəttəəssüfanə, buna müvəffəq olmamış, ədəbiyyatları da Şərq ilə Qərbin mütəqabil təsirləri altında qalıb başqa bir hal almışdır. Beləliklə, Qərb ədəbiyyatı Rusiyada başqa, Türkiyədə isə başqa bir şəklə taxınıb, biri əvvəl, biri də sonra Azərbaycana təsir icra etdikləri üçün və təsirləri də başqa-başqa olduğu üçün bunları ayrı-ayrı mənbələr kimi götürür və təsir mənbəini 2 deyil, 3 nöqtədən qeyd edirik. Beləliklə, rus ədəbiyyatının təsirinə gəlincə, Azərbaycanda Rusiya çarlığının siyasi hakimiyyəti yerləşincə onu mütəaqib Rusiya ədəbiyyatı da Azərbaycanda hiss edilməyə və azçox qüvvətli varlığı və bir dürlü yeni şəkildə hökmranlıq mövqei tutmaya başlayır. Rusiya çarlığının siyasi təsiri öz mühitində bir taqım ziyalılar qrupu yetişdirir ki, bunları əski dərəbəylik ədəbiyyatı əyləndirmədiyi kimi, xalqla da çox az təmasda bulunduqlarından, daha doğrusu məna bir dürlü başqalaşıb xalqa yüksəkdən baxdıqları və get-gedə onu büsbütün anlamamağa başladıqları üçün onun yaratdığı xalq ədəbiyyatına da qiymət vermir, ondan zövq almırlar. Bunlar artıq yetişdikləri mühitə uyğun bir ədəbiyyat arayırlar ki, bu da olsa-olsa rus ədəbiyyatı ola bilərdi. Get-gedə bu dairə artdıqca rus ədəbiyyatının da nüfuz dairəsi genişlənir və bu yeni ehtiyac üzərinə yeni şəkildə bir türk ədəbiyyatı meydana çıxır. Onu da qeyd etməlidir ki, bu mühit bəzən xalqı çox gözəl tanıyan və onun həyatına yaxşı bələd olan yazıçılar da yetişdirir ki, belələrindən də başlıcası olmaq üzrə Mirzə Fətəli Axundzadə göstərilmişdir. Fəqət Mirzə Fətəli nə qədər rus ədəbiyyatı və mühiti təsirində olsa da, bununla bərabər yenə öz mənliyini itirməmiş və öz ədəbi istedadının qüvvətilə təqlidçi olmaqdan daha artıq bir yaradıcılığı üçün ancaq ümumi və əsas bir şəkil almış və həmin əsasda böyük bir sənətkar məharətilə öz həyatımızdan yaratdığı əsərləri üçün istifadə etmişdir. Ona görə də bizim, xüsusilə, teatr ədəbiyyatımızın yaranmasına ilk addımı atan o olduğuna və bu cəhətcə bizdə ilk yazıçı olduğuna baxmayaraq, yazılarında orijinal bir yazıçı olmaq üzrə qüvvətli ədəbi bir varlıq ərz etmişdir. Əsərləri az-çox uzaq bir keçmişin məhsulu olduğuna, fikir və fəlsəfə etibarilə indiki zaman üçün əhəmiyyətini qeyb etdiyinə baxmayaraq, bir çox yazıları bu gün belə öz dərin psixoloji və bədii əhəmiyyətlərini saxlamışlardır. Onun bir çox mövzuları bu gün belə öz bəkarətini saxlamış, bir çox tipləri də xalqımızın çox gözəl bildiyi və tanıdığı tiplərdir. Qəribədir ki, Mirzə Fətəli nisbətən uzaq keçmişdə yazdığına və başladığı üsulda ilk yazıçı olduğuna baxmayaraq, bir çox əsərlərində mahir və qəti bir realist olmuş və bu cəhətcə o zamanın rus ədəbiyyatında deyil ki, təqlidçi olmamış, deyil ki, umuzumuza getmiş, hətta qısa irəliləmək təlaşı da göstərmişdir. Bunlar hamısı Mirzə Fətəlinin nə qədər böyük ədəbi dühayə malik olduğunu çox açıq göstərir zənnindəyik. Yalnız burası vardır ki, Mirzə Fətəli öz əsərlərində zamanının iqtiza etməsi və ya vəzifəsinin tələb etməsi üzərindəmi, hər halda çarizmin mənfəətini gözləmiş və yazılarının çoxunda çar hakimiyyətinin güclənməsinə, möhkəmlənməsinə, əhalinin çar qanunlarından çıxmamasına çalışmışdır. Bunu əhalininmi, ya çarizminmi mənafeyi nöqteyinəzərindən yapması da başqa bir mübahisədir ki, hələlik biz bunu bir tərəfə buraxırıq. Mirzə Fətəli üzərində bu qədər durduğumuz, ondan sonrakı aşağıda adlarını göstərəcəyimiz bir taqım yazıçılarımızın onun təsiri altında bulunduğu və ona təqlid etdiyi üçündür. Bitmədi. * * * Qəzetimizin ədəbiyyat dərnəyində Cümə günü qəzetimizin ədəbiyyat dərnəyində, yoldaş Məmməd Səid Ordubadi “Şirvanşahlar dövründəki Azərbaycan ədəbiyyatı” xüsusunda məruzədə bulundu. Məruzəçi ilk əvvəl həmin dövrdə türk şairləri tərəfindən farsca yazılmış ədəbiyyatı qeyd ilə məruzəsini farsca birinci şeir yazan və fars şerinin atası olan Rudəkidən başlayır. Bu xüsusda ətraflı məlumat verdikdən və onun ilə Nizami arasındakı şairləri saydıqdan sonra farsca yazılmış ədəbiyyatın sarsılmaz bir sütununu təşkil edən Şeyx Nizami həyatı, ədəbi fəaliyyəti və ədəbiyyatının mahiyyəti ətrafında geniş məlumat verir. Məruzə çox geniş və mühüm olub, araya bir çox mübahisəli məsələlər atdığından iclas salonunu dolduran işçilər maarif və ədəbiyyat xadimləri və həvəskarları, məruzənin Xaqani, Fələki və s. xüsusundakı qismini gələn iclasa saxlayıb, Nizami ətrafında müzakirə açılması qərara alındı. Müzakirə vaxtı yoldaş Seyid Hüseyn Sadıq tərəfindən Şirvanşahlar dövrünün tarixi vəziyyəti və Zeynallı tərəfindən həmin dövrün ictimai quruluşu xüsusunda müxtəsər məlumat verilir. Müzakirə vaxtı Salman Mümtaz, Sultan Məcid Qənizadə, Rəsulbəy Tahirov, Qafur Əfəndizadə, Xəlil İbrahim, Əliabbas Müznib və s. çıxışda bulundular. Bunun üzərinə Salman Mümtaz, Rudəkinin məruzəçi tərəfindən göstərildiyi kimi türk deyil, fars, Nizaminin atasının isə (qum)lu deyil, gəncəli olduğunu iddia edir. Məruzəçi isə ona müxalif olaraq, Rudəkinin Buxara civarində Rudək adlı kənddə doğulduğunu və binaən-ileh Türküstanda çıxmış bir şair Nizami, Xaqani və s. türk şairləri kimi yalnız farsca yazdığından, fars demək üçün heç bir əsas olmadığını və onların farslığı xüsusunda sənəd və material yoxluğunu, Nizaminin isə türk olmaqla bərabər hər halda atasının (qum)lu olduğunu göstərir. Hər iki fikir ədəbiyyat xadimlərindən tərəfdarlar bulur, və iki cərəyan arasında olduqca sürəkli, ciddi və qızğın mübahisələr gedir, nəticədə əsrlərdən bəri bir çox ədəbi mübahisə və keşməkeşlərə səbəb olan bu məsələ xüsusunda hər iki tərəfin hazırlaşıb gələn cümə mövcud sənəd və materiallarını gətirmələri və bu xüsusda, ayrıca ədəbi mübahisə aparılıb, bu məsələnin qəti surətdə aydınlaşdırılması qərara alındı. Bundan başqa, iclas tərəfindən çıxarılmış qərarda “Kommunist” qəzetinin ədəbiyyat dərnəyi tərəfindən, Nizami, Xaqani və s. bu kimi farsca yazmış türk ədib-şairləri və onların ayrı-ayrı əsərləri xüsusunda ayrıca məruzələr düzəldilməsi və məruzələrdən sonra materialların nəşr edilməsinə çalışması və Nizaminin sökülmüş, dağılmış və bilinməz bir halda qalan məqbərəsinin Nizamiyə layiq bir vəziyyətdə tikilməsi üçün lazımi yerlərə müraciət edilməsi tapşırılır. Beləliklə, ədəbiyyat tariximizin ən böyük və mübahisəli bir cəhətini təşkil edən Nizami və Rudəki məsələsi üzərində bu cümə qəti ədəbi “çarpışmalar” olacaqdır. Bu cəhətcə maraqlanan bütün ədəbiyyat xadimləri bu məsələdə bütün mövcud materiallarını iclasda göstərməsi, çıxışda bulunması və məsələnin mümkün qədər geniş və ətraflı bir surətdə aydınlaşdırılması ümid və arzu edilir. * * * “İblis”in son quruluşu Bu cümə günü Dövlət Türk Teatrında 2-ci dəfə olaraq “İblis” pyesi oynandı. Bu yeni quruluş xüsusunda Xəlil İbrahim yoldaşın “Kommunist”dəki yazısına əlavə olmaq üzrə bir neçə məsələni qeyd etmək istərəm: Əsərin başlıca fikir və hərəkət məhvərini təşkil edən və yeni quruluşda ehtimal ki, Şərq miniatürlərinə təqlidlə təsvir edilmiş İblis, bizcə bir o qədər də mükəmməl çıxmamışdır. Biz onun “Əlqəmə” ya “Deyləmə” olması üzərində danışmayacağıq. Ərəb qəbilələri Bizcə, iblisin yerinə bir “div” yaratmanın əslində mənası yoxdur. Çünki şərqlilərin təsəvvür etdiyi “div” “İblis”dəki İblis kimi deyil. Bu “div” nə isə insan ilə yüksək qüvvələr arasında orta bir yer tutur və hər şeydən əvvəl böyük maddi və cismani qüvvətə malik, biçimsiz, kobud bir heybətdir. Nə qədər güclü olsa da, hər halda onu güclü, bacarıqlı bir insan məğlub edə bilər. Ona görədir ki, hər bir “Məlikməmməd” addımbaşı bir “div” məğlub edir. Mənəvi cəhətinə gəlincə, bunlar çox vaxt idraksız, şüursuz bir halda təsəvvür edilir. Bunlar tənbəl, ölgün, yatdığı yerlərindən bəzən əsrlərcə qalxmaz, ətraflarından bir o qədər də xəbərləri olmaz bir şeydirlər ki, insan kimi yaşayış mübarizəsi aparır. Halbuki, “İblis”in İblisi heç də belə deyildir. Bu alıcı, çevik, qurnaz, bir dəqiqə rahat durmaz, bütün dünyanı dolaşır, basılmaz, yenilməz bir qüdrəti-külliyə, “bütün dünyanı” həm yapar, həm də yıxar qüdrəti var məfhumdur ki, “Dünyada əgər varsa rəqibi, o da Allahdır”. O hər bir şeyi, keçmiş – gələcəyi, olmuş – olacağı bilir, hər bir cinayətdə iştirak edir, cismani bir vücuddan daha artıq mənəvi bir qüvvətdir. İblisin məqsəd və kimliyini, əsərə toxunmaq istəmədiyimiz üçün, göstərmirik. Belə bir qüvvəni səhnədə elə tənbəl gedişlər, danışıqlar, ölgün hərəkətlər ilə təsvir etmək heç də doğru deyildir. Xüsusilə, atəş olan və doğrudan da düşdüyü yeri yandıran, qanları qaynadan, fikirləri oynadan, hissləri, duyğuları qızdıran bir od ikən onu soyuducu, dondurucu və əsasən buz və soyuqluq təsviri üçün işlədilən mavi bir boyada göstərmək yerli bir şey deyildir. Ruhlarda bir coşqunluq, bir oynaqlıq törətmək üçün mənzərələr bir sıcaq, məsələ (qırmızı) boyalar ilə, soyuq və soyuducu bir mühit və təsirat yaratmaq üçün isə, soyuq boyalar işlədilir ki, mavi boya da bu qəbildəndir. Hər halda şəkil, məna və məzmun ilə uyuşdurulmalıdır. Digər tərəfdən müharibə meydanlarında çalışan zabitləri gəlin kimi bəzəndirmənin, qazmalarda və Istambul salonlarında eyni paltarda çıxarmanın nə qədər doğru olub-olmadığını düşünmək istəyənlər asanlıqla kəsdirə bilirlər. Xavərin paltarına gəlincə, şəhərdən uzaq, meşələrdə, ormanlarda yaşayan sadə bir qız İstambul, daha doğrusu Paris salonlarında geyilə biləcək 25-ci il modası ilə tikilmiş bahalı, alafranka əlbəsə və ehtimal ki, “Baksayuz”dan alınmış şıq “lak” çəkmələr – əldə də bir səhəng, ormanlar, tarlalar, dekolte, lak, səhəng... Doğrudan da, adamın gülməyi gəlir. Buna qarşı İstambulda İbn Yəminin ali salonundakı Xor, paltarlarına görə, yenicə göydən gətirilmiş bir kütləni xatırladır. Əsil rəqqasələrin paltarı isə burasını bir dürlü anlaya bilmədik, bürüncək tuman (darbalaq), döşlük, nə isə bu paltar Şərq tarixinin hansı dövrünə aid olursa-olsun, 1918-ci ilin balet paltarı kimi təbii deyildir. Səhnə quruluşunda da bir anlaşılmazlıq var idi. Xüsusilə, 1-3-cü pərdənin görünüşü büsbütün yanlış idi. Burası orman bətirində yol üzərində, insanlardan uzaq yaşayan bir ixtiyarın qülbəsini, daxmasını təsvir etməli ikən, səhnədə orman və koma əvəzinə top atəşinə dayanmaq üçün tikilmiş kimi qalın divarlı bir qala, bir bürc görünür. Yenilməz qalın divarlar şəhər qalıqlarını andırır; böyük darvazalar nə isə mükəmməl bir şaşqınlıq! Hər halda son teatrın başlıca əsaslarından birisi şəkil ilə məzmunun uyuşurluluğu olduğu üçün rejissor, xüsusilə, Şərqi daha yaxından tanıya biləcək olan türk qismi, bu cəhətlərə əhəmiyyət verməlidir. * * * V.A.Uğryumi Dünən, nisanın 23-də Türk Tənqid-Təbliğ Teatrının baş rejissoru Vladimir Aleksandroviç Uğryumi (Kasabov) vəfat etmişdir. Uğryumi 1883-cü ildə Bakıda təvəllüd etmiş və Bakıda Birinci Gimnaziyanı bitirdikdən sonra, Odessada Novorusiya darülfünununun hüquq şöbəsini bitirmişdir. Hələ gimnaziyada oxuyurkən, səhnə ilə uğraşmağa, sonradan tələbə ikən Odessa teatrında çalışmağa başlamışdır. Dünya müharibəsi zamanı səfərbərliyə düşüb, əskəri hissələrdə, Gəncə və Qroznı şəhərlərində tamaşalar vermişdir. Bu aralıq teatr münəqqidi olmaq üzrə müxtəlif qəzetlərdə iştirak etmiş, 1919-cu ildə Bakıda “Mumus” teatrosunun müdiri və rejissoru olmuş, 21-ci ildə Türk qadınlar studiyasında, Dövlət Türk Teatrında və Çocuqlar sarayında çalışmış, eyni zamanda Rus Dövlət Dram Teatrı rejissoru olmuşdur. Nəhayət, bu sonsuz çalışmalardan yorğun ikən ağır bir halda xəstələnib müalicə üçün Moskvaya getmiş, burada da sakit qalmayıb M.Ğ.H.İ.Ş. “Ermitaj” teatrında çalışmışdır. Uğryumi (leğimbiya) xəstəliyindən müalicə edilirkən Moskvada Xalq Maarif Komissarlığı tərəfindən incəsənətlər cəhətincə (akademik) adını almışdır. Nəhayət, Uğryumi Bakıya qayıdıb 24 və 25-ci illərdə xəstəliyinə baxmayaraq, Türk Dövlət Tənqid-Təbliğ Teatrında baş rejissor olmaq üzrə çalışırdı. Uğryumi Bakı tərəfindən dünya sənətinə verilmiş və yalnız Bakı deyil, bütün Şuralar İttifaqı səhnəsi üçün dəyərli, müqtədir bir sənətkar idi. Uğryumi səhnədən həyat və məişətinin yaxşılaşması üçün deyil, bəlkə öz həyatından səhnənin tərəqqisi üçün istifadə edən, incəsənət və səhnə uğrunda bütün varlığı ilə çalışan, ən az buluna biləcək fədakar sənət sevicilərindən biri idi. Olduqca geniş və mükəmməl bir bilik və məlumatdan başqa incə bir zövqə, böyük bir artist, sənətkar dühasına malik idi. Bütün həyatını səhnəni öyrənməyə sərf etməklə nəticədə bütün varlığı ilə yeni bir səhnə yaratmağa çalışır və bu uğurda heç bir fədakarlıqdan çəkinmirdi. Böyük bir talant öz inkişafının ən parlaq bir vaxtında, getdikcə parlamaq və yüksəlməkdə ikən amansız bir ölümün pəncəsində məhv oldu. Gələcəyə bir çox yeniliklər vəd edən Uğryuminin ölümü, əlbəttə, bütün sənət seviciləri, xüsusilə səhnə üçün böyük və unudulmayacaq bir itkidir. * * * Türk teatr məktəbi 1 Məktəbin açılışı və onu doğuran səbəblər Bu məktəb 2 il bundan əvvəl böyük bir şövq və həvəslə açıldı. Çünki belə bir məktəbin açılmasını həyat özü istəyirdi. Həyatımızın getdikcə irəliləyib genişlənməkdə olan başqa cəhətləri kimi səhnələr də artıq biliksiz, hazırlıqsız olaraq araya atılmış “cır” qüvvələr ilə keçinə bilməyəcəyini açıq-açığına sızırdı. Həyatın gedişilə ayaq tutuşdurmayan bu “cır” qüvvələr səhnəmizdə bilmərrə qadın bulunmayaraq qadın rollarını erkəklər ifa edirlərdi. Nəhayət, bir erkəyin hər halda bir qadına az-çox bir yaxınlıqda təsvir edəməyəcəyi görülüncə çarəsizlikdən əcnəbi qadınlarının yardımına müraciət edildi. İndiki xorumuzda olduğu kimi, “sən” yerinə “man”lar, “necə” yerinə “nadjalar” səhnəni doldurdu. Belələri çoxalınca artıq türkcə daha yaxşı bilənlər seçilməyə başladı. Səhnəmizə bu əcnəbi qadın, başqalarında olduğu kimi, yaxşı bir sənətkar olduğuna görə deyil, yaxşı türkcə bildiyinə görə qəbul edilirdi. Ancaq çox zamanlar keçdikdən sonra bunların səhnəyə olan həvəsi və istedadları nəzərə alınmağa başladı. Fəqət bunlar da türk səhnəsinin ehtiyacını ödəmirlərdi. Tam bu aralıq cəmiyyətimizdəki tərəqqi üzərinə yavaş-yavaş türk qızlarında da bir tərəddüdlə səhnəyə gəlmək istəyənləri görünməyə başladı. Səhnəmiz bunları biliklərinə baxmadan ancaq bir ağuş ilə qarşıladı. Fəqət bu qüvvələrin səhnəmizdə oturaq bir yer tutmayacaqları bəlli bir şeydir. Cəmiyyət, həyat irəlilədikcə, bədii zövqlər incəldikcə səhnəyə qarşı qoyulan artırılmış tələbatı təmin üçün istər-istəməz çarələr, yollar aramalı idi. Çünki sənətkar olmayan, hazırlığı, biliyi olmayan bir aktrisaya yalnız türk olduğu üçün və türkcə ötəkilərdən bir az yaxşı danışdığı üçün bir gün, bir ay, bir il, nəhayət, 2-5 il maraq edilə bilər. Fəqət bu hal çox sürməz. Aktyorlardan sənət, istedad, bilik və bacarıq tələb ediləcəkdir. Yalnız aktrisalarımız deyil, aktyorlarımızın da bir çoxu həmin “cır” qüvvələrdən ibarətdir. Çünki bir vaxt bunlar da səhnəyə, daha doğrusu, keçənlərin dilincə deyərsək, bu “şeytan ocağına” yuxarıda dediyimiz “ucdantutma” əsas ilə toplaşdırılmışdır. Ictimai həyatımızın müəyyən bir dövründə bir ovuc mütəşəbbüs maarifpərvərlər tərəfindən çox vaxt xeyriyyə və qismən də maarif məqsədi ilə başlanmış teatrçılığımız ilk günlərində aktyor belə tapa bilməyirdi. Çünki bizim teatrımız bugünkü Avropa teatrının keçirdiyi tarixi dövrləri keçirməmişdir. Bugünkü Avropa teatrı, demək olar ki, bütün ölkələrdə milli, adətənənə və əsatirin tarixi və tədrici mabədi ikən bizdəki teatrçılıq, xarici təsirin qüvvəti üzərində şəbehgərdanlığın təbii məntiqinin təkamülündən doğmamışdır. Bizdə Yunanıstanda və Avropa (mister)lərini əvəz edən “şəbehgərdanlıq” dini əsaslardan doğub, başqa ölkələrdə olduğu kimi, təbii təkamül yolu ilə tam həyata yaxınlaşdığı sırada Avropa mədəniyyətinin mütərəqqi təsiri ilə təbii yolundan çıxarılmış, birdən-birə inqilabi bir yol ilə açıq meydandan elektrik qutusu içərisinə atılmışdır. Beləlik- lə, meydan teatrından bugünkü “qutu” teatrınadək olan əsrlər yolunu teatrımız bir neçə ilə keçmişdir. Ona görədir ki, bizdəki “şəbehgərdanlıq” savab vədilə topladığı aktyorlarını səhnəyə köçürmədi. Nəticə etibarı ilə bu “şeytan ocağı” bir taqım maarifpərvər müəllimlər, xeyriyyəçi ziyalılar və bu kimilərin qüvvət və səylərinə istinad etmiş oldu. Cəmiyyət təbəqələrindən biri aktyoru günahkar, sapqın bir şeytan, olsa-olsa bir oyunbaz kimi, o birisi isə bugünkü Avropa aristokrat təbəqəsinin gözlüyü arasından sadə bir “aktyor” kimi görürdü. Bu surətlə həvəskarlarımız dəxi o qədər sənət cəhətinə diqqət vermirlərdi. Bizdə cəmiyyətin tərəqqisi, xüsusilə, mədəni həyatın gedişi tədrici tərəqqi yolu ilə deyil, müəyyən tarixi vəqələrin tikanları üzərinə inqilabi sıçrayış və atıltılarla yürüdüyündən dünən görünməmiş sanılan bir şey bu gün əski və yaramaz görünə bilər. Hər halda bizdə 1905-ci ildən əvvəlki cəmiyyət, 1905-dən sonrakı, 14-cü ildən əvvəlki cəmiyyət, ondan sonrakı son Rusiya inqilablarından əvvəlki cəmiyyət bugünkü cəmiyyət deyildir. Bunun üzərinə dünənki bir “cəhalət” əsəri bu gün üçün gülüncdür, dünən məktəblərimizdə oxumaq istədiyi üçün bir qız, hətta oğlan çocuğu belə tapılmayırkən, bu gün məktəblərdə yer yoxluğundan qızlarımız küçədə durub pəncərədən baxaraq, dərs oxuyurlar. Dünən qadınsızlıqdan məscidə oxşar teatrlarımız bu gün mükəmməl bir cəmiyyət, hər dürlü, hər biçimli, hər boyalı çiçəklərə malik bir çiçəklik mənzərəsi ərz edirlər. Beləliklə, həyatı bu qədər dəyişdirən ictimai səviyyənin yüksəlməsi səhnəyə qarşı da münasibəti dəyişdirmiş, cəmiyyət irəlilədikcə bədii zövqlər, duyğular incəldikcə, səhnəyə qarşı duyulan artırılmış tələbatı, sənət tələbini təmin üçün ona mütabiq də hazırlıqlı və irəliləmiş aktyorlar da lazım idi. İştə teatrın əsil böhranı da buradan başlayırdı. 5 il bundan əvvəl səhnəni böyük bir müvəffəqiyyətlə dolaşan həvəskar bir müəllim, ya başqası bu gün sənətkar olmazsa, səhnədə duruş tutduramaz. 20 il bundan əvvəl buynuz taxınmaqla və səhnədə məftil üzərində uçurmuş kimi, yellənən bir aktyor hər kəsi heyrətə sala bilirdisə, bu gün mütərəqqi bir cəmiyyətin bədii zövqlərindən doğan adi bir tənqid gülüşündən başqa bir şey ola bilməz. Məhz, buna görədir ki, ilk əvvəl müftə çalışan həvəskarlardan bir çoxu səhnəni buraxıb yerlərini oradan ayrılmış bir az istedadlı adamlara və kənardan gələn qismən yenə də müftə, qismən də para və qismən bilkə də sənət üçün çalışan yeni həvəskarlara verdilər. Beləliklə, bu gün səhnəmiz: teatr tariximizin ələyindən keçmiş bir neçə nəfər biliyi az olsa da, hər halda təbii istedadı və bacarığı olan sənətkarlardan; bir çox, yenə də əskidən qalmış, fəqət nə biliyi, nə də istedadı olmayan və mühitdən geri qaldığını düşünməyərək səhnədən çəkilmək istəməyən bir taqım, “məccanı oynayıb, paralarını alanlar”dan; yenidən gəlmiş və ucdantutma qəbul edilmiş gənclərdən ibarətdir. Ümumiyyətlə, götürəcək olursaq, istedad və qiymətlərini inkar etmək istəmədiyimiz bir neçə nəfəri çıxınca, səhnəmizin qalan qüvvələrinin çoxusu istedadsız, sənəti yuxularında belə görməyən adamlardır. Heç olmazsa, bu istedadsızlıqlarına qarşı bir bilikləri, hazırlıqları, texnikaları olmuş olsaydı, yenə dərd yarı idi. Fəqət məəttəəssüfanə bu da yoxdur. Və bunu qanmaz yerdə çalışdıqları görünmür. Bu ancaq dramada çalışacaq aktyor və aktrisalardır. Opera cəhətincə işlər daha bərbaddır. Sənhəmizdə də olubolmadıqlarını bilmədiyimiz bir-iki nəfər nəzərə alınmazsa, bu günədək not oxuya biləcək bir aktrisa və aktyorumuz belə yoxdur. Rejissorluq xüsusunda danışmağa belə gəlməz. Xülasə, vaxtı ilə sırf maarif məqsədi təqib edən bir ovuc maarifçilərin, könüllü və para güdməyən həvəskarların qüvvəsilə başlayan teatrımız, getdikcə təkamül etmiş, əski həvəskarları bir çox “cır” kustar qüvvələr dəyişmişdir. Bunların arasında 50 illik teatr tariximizin yetişdirdiyi və bəlkə də bütün dünyanın bədii qüvvələrinə meydan oxuya biləcək sevimli simalar, talantlar yox deyildir. Bunların haqqını biz inkar edəcək olursaq belə, səhnəmizi görən başqaları təsdiq edirlər. Fəqət bunlar azdır. Qalanların çoxu, istedadsız, bacarıqsız, hazırlıqsız, savadsız yoldaşlardır. Təbii ildırım sürəti ilə tərəqqi və təkamül edən bir cəmiyyətə qarşı səhnəmiz belə qüvvələr ilə irəliləməyəcəkdi. Səhnəmiz hər gün sonsuz inqilabi təkanlarla irəli sıçrayan mütərəqqi cəmiyyətimiz ilə ayaq tutuşdurmayırdı. Buna qarşı səhnəmiz hər tərəfə çırpınır, yalvarıcı baxışları ilə bir nicat yolu arayır, bir sözlə, bu “cır” mühitin içərisində boğulur və sabah büsbütün boğulacağını hiss edirdi. İştə hazırlıqlı aktyor və aktrisalara olan bu ehtiyac o qədər kəskin idi ki, həyat özü bir teatr məktəbi lüzumunu irəli sürdü. Belə bir məktəb də açıldı. 2 Əvvəlləri teatr məktəbindən ehtimal ki, böyük səhnə “dahiləri” gözlənildiyi üçün yeni az-çox, ara-sıra məktəbə baxılırdı. Son zamanlar isə bu məktəbə qarşı münasibət büsbütün dəyişmişdir. Lazımınca gələn yox, baxan yox, soran yox, hətta məktəbin qapadılması təklifi belə eşidilməz bir şey olmadı. Həyat teatr məktəbindən gələcək üçün bacarıqlı, bilikli və geniş xalq kütlələri və teatr şəbəkələri, üçün sadə sıra işçiləri bəkləyirkən onu açanlar həyata yeni başlamış məktəbdən səhnə “dahiləri” tələb edirlərdi. Fəqət məktəbdə təbii olaraq belə “dahilər” heç də görünməyirdi. Halbuki, akademik teatrımızda məktəbin gənc müdavimlərindən daha qüvvətli adamlar vardır. Beləliklə, madam ki, məktəb gözlənən nəticəni vermədi, o halda “qapamaq lazımdır”, – deyə təklif edənlər də oldu. Çox ola bilər ki, bugünkü Türk teatr məktəbində səhnəmizin nadir yetişdirdiyi qüvvələr ilə rəqabət edə biləcək bir artist yoxdur və beləsi bəlkə də sabah işçi klublarının birindən çıxacaqdır. Fəqət burası məktəbə lüzum yoxdur, demək deyildir. Hər yeri, hər teatrı Bakı Türk Akademik Teatrı, hər aktyoru Şərifov, Əliyev, Anaplı və sairə arşını ilə ölçmək olmaz. Bir aktyor öz istedadı ilə bədənini hər dürlü hərəkətə uyuşdura bilir, istədiyi tipi yarada bilir. Fəqət qalanları bunun üçün uzun-uzadıya bədənlərini hazırlamalı, teatrı bilməli, tipləri tip yaratmalı, səhnənin nə olduğunu öyrənməli, bütün incəliklərinə bələd olmalıdırlar. Bunu da təbii ancaq mükəmməl bir teatr məktəbi yarada bilər. Burası hələlik teatrımızın birinci qüvvələrində olmazsa, hər halda, ikinci qüvvələrini bilikli, hazırlıqlı aktyorları ilə təkmil edə bilər. Bundan başqa, Bakı səhnəsi yalnız akademik teatr ilə məhdud qalmaz: indiki halda haqlı olaraq, teatra geniş xalq kütlələrinin səviyyəsini yüksəldəcək, ruhunu, bütün mənəviyyatını qüvvətləndirəcək, bədii zövqünü, duyğularını incəldəcək tərbiyəçi bir dairə kimi baxıldığından xalqımızın ehtiyacını təmin edəcək qədər də teatrçılığın dürlü-dürlü axıntılarını təmsil edəcək səhnələrimiz olmalıdır. Bunun üçün də bir çox qüvvələrə ehtiyac vardır. Halbuki, bugünkü teatrımızda vur-tut bir komplekt aktyorumuz vardır. Bundan başqa, bütün dairələrdə, işçi klublarında dram dərnəkləri vardır. Bunlar daha da artırılasıdır. Fəqət bu dərnəklərdə, bu klublarda kimlər rejissorluq və rəhbərlik edirlər? Hər halda biz ayrı-ayrı şəxsiyyətləri saymaq istəmirik. Yalnız burasını qeyd etməliyik ki, bunların çoxunda, hətta aktyorluğa belə yaramayan adamlar da rejissorluq, rəhbərlik edirlər. Ona görə də bu dərnəklərin bütün heyətləri də deyilsə, heç olmazsa, hər klubda, hər dərnəkdə bir nəfər hazırlıqlı dram rəhbər, rejissor, bir-iki nəfər də hazırlıqlı aktyor olmalıdır. Artıq işçi dairələri və klublarındakı səhnələrimizi də səhnəyə oxşar bir hala salmalı, buralarda az-çox incə bir sənət göstərməyə çalışmalıdırlar. Çünki hər iki gündə bir, dəzgahını buraxıb şəhərə gəlməyən bir dartayçının, bir dəmirçinin, bir kəndlinin incə bir sənət göstərməyə, bədii zövq almağa başqalarından daha artıq ehtiyacı vardır. Burada yenə ümid teatr məktəbinədir. Ara-sıra gedə biləcək səyyar dəstələrdən də sabit olmadıqları üçün bir o qədər də müsbət bir nəticə gözlənilə bilməz, həm də bunların gedə biləcəyi məsafə Bakı dairəsindən uzaq ola bilməz. Halbuki, bunların hamısından başqa orasını da unutmamalıdır ki, Azərbaycan yalnız Bakıdan ibarət deyildir. Azərbaycanda Zaqatala da, Kürdüstan da var, Göyçay, Gəncə və başqa qəxalar dəxi vardır. Biz hələ kəndlərimizi demirik ki, buralarda da artıq kəndlilərimizi məscid divarlarının dibindən, təkiyələrdən, çayxanalardan çəkib teatrlara sövq etmək lazımdır. Bunların hərəsinə yerli həvəskarlar vasitəsilə teatrlar qurmaq üçün heç olmazsa, birər hazırlıqlı adam göndərməlidir. Bunu da teatr məktəbi verə bilər. Burası gedərki qüvvələrə ümid bağlamaqdansa, qəzalardan, kəndlərdən həvəskarlar cəlb edib hazırlayaraq, öz yerinə qaytara bilər. Bu gün belə bir hazırlıq mənbəyi olmadığından xalqımız içərisində nə qədər böyük talantlar, vergili adamlar tanımadan, araya çıxarılmadan məhv olub gedirlər! Keçənlərdə məşhur musiqişünas Qliyer ilə küçədə bugünkü opera aktyorlarımızdan hansının səsi olub-olmadığı xüsusunda danışaraq gedirkən birdən-birə bu adam sözünü kəsib, mıxlanmış kimi dayandı. Eşitdiyi səsin haradan gəldiyini və oxuyanın kim olduğunu soruşdu. Eşidilən Təzəpir minarəsindən “obaşdanlıq” minacatı idi. Qliyer, nəhayət, bir qətiyyətlə söylədi ki, bu adam bu gün səhnəyə cəlb edilib öyrədilərsə, sabah bütün dünya səhnələrini dolaşan bir qüvvət kimi araya çıxa bilər. Çünki bu səs ahəngcə və məlahəti, xüsusilə, qüvvət və yüksəkliyi cəhətincə nadir görünə biləcək bir səsdir. Öyrəndik ki, minacat verən 22-23 yaşlarında gənc bir adamdır ki, bu il də yenə Təzəpir minarəsində ara-sıra könüllü olaraq minacat deyir. Fəqət nə qədər belə qüvvələrimiz Qarabağda və başqa yerlərdə “minacat!” deyir! Onu-bunu yamsılayaraq, xalqı güldürür. Və bunları idarə və təhrik edəcək bir adam, öyrədəcək, hazırlayacaq bir yer olmadığından yüzlər ilə belə xanəndələr araba şahnişinində oxuyaraq, yüzlər ilə tragiklər könül təkiyələrində “Qasım” ya “Ələkbər” şəbihi olaraq, yüzlər ilə komiklərimiz çayxanalarda xalqı güldürərək, başqaları üçün görünməz, tanınmaz olaraq, məhv olub gedirlər. Bunları da araya çıxara biləcək, böyük bir qüvvət kimi tərbiyə edə biləcək bir mənbə varsa, təbii, o da yenə hər şeydən əvvəl teatr məktəbidir. 3 Bugünkü teatrımızın ölüm-dirim məsələlərindən biri də rejissor məsələsidir. Rejissor olmaq üçün təbii bir qədər sənətkar və olduqca bilikli və məlumatlı olmalıdır. Eyni zamanda, şübhəsiz, hər bir xalqın səhnəsini idarə edəcək rejissor mükəmməl bir məlumatdan başqa bir də xidmət etdiyi səhnənin, mənsub olduğu millətin adət və ənənatını bilmək, bir təbiyyatşünas kimi təhlil etmək, öyrənmək, onun bütün misallarını, atalar sözlərini, dilini, danışığını, zərb məsəllərinin xüsusiyyətini, bayramlarını, yaslarını, bunların səbəbini təyin etməyə çalışan və həm də bacaran bir adam olmalıdır. Çünki bu xüsusiyyətlər hər bir xalqın ədəbiyyatında qeyd edildiyi kimi, onun səhnəsində də əks ediləcəkdir. Bir Azərbaycan ədibi nə qədər realist olmasa, nə qədər xəyalçı olursa belə, hər halda, onun öz xəyalında yaratdığını xəyali adamlar belə onun mühitindəki xüsusiyyətlərdən bir çoxunu əks etdirəcəkdir. Çünki bir ədib nə qədər xəyalçı olursa-olsun, mühitindən qaça bilməyəcək, ona ilham və təsirat verən mühitinə göz yuma bilməyəcəkdir. Hətta bir ədibin yaratdığı xəyali mələklər, cinlər, şeytanlarda öz mühit və millətinin xasiyyəti görünə bilər. Bir İran rəssamının çəkdiyi bir mələkdə, diqqətlə baxılarsa, bir iranlını tanımaq olur. Bir avstraliyalı göz açıb ətrafında qara üzlü, iri dodaqlı və ilaxir... adamlar gördüyündən, gözü, ruhu buna alışdığından ağ bir qadını bəyənməyə bilər. Bunun yaratdığı mələk öz mühitinin gözəli, bir Avropa və ya İran rəssamının yaratdığı mələklər də öz mühitlərinin gözəlləri olacaqdır. Çatma qara qaşlı, yumru üzlü Iran mələklərini kim görməmişdir? Halbuki, belələrini Avropa mələkləri arasında görmək olmaz. Bir xalqın bu ümumi zövqünü, xüsusiyyətinin bütün bir mühit mehrini sadə bir küvəcdə, bir su qabında, xülasə, hər bir şeydə görmək olur. Bir yazıçı yazırkən hər şeyi öz ruhunun, öz mənəviyyatının süzgəcindən keçirdiyi kimi, bir aktyor, bir rejissor da belə edir. Başqa dürlü də yaramaz. Çünki o istəsə də, istəməsə də belə olacaqdır. Sənət dediyimiz şeyin də əsası buradan başlanır. Ona görədir ki, bir rejissor nə qədər böyük bir alim, böyük bir talant, bir dahi olursa-olsun, başqa bir xalqın sənətini bütün təfərrüatına, bütün incəliklərinədək canlandırmayacaqdır. Adi bir timsal deyək: “Bizdə Allahü-əkbər” təbiri müxtəlif yerlərdə işlədilir. Allahü-əkbər! Tanrıya qarşı bir ərz übudət, “Allahüəkbər!” bir əzab, “Allahüəkbər!” bu da bir təəccüb və heyrət ifadə edir. Buna qarşı birinci ittifaqda bəlkə də əlləri göyə qaldırmaq, ikincidə məsələ qolları çırmayıb yumruq düyümləmək və üçüncüdə məsələ çiyinləri qaldırıb boyunu umuz içində sığmaq əvəzinə, bunu bilməyən bir rejissor “Allah” sözünü eşidən kimi həmən “Allah” deyə əlləri göyə qaldırır və nəticə etibarilə ayaqları da həqiqətən yerindən üzülüb üzüquylu yerə çırpılır və öz nabələdliyinin ağırlığı altında oynadığı əsərin də qol-qabırğasını qırmış olur. Bu il teatrımızda tərcümə edilmiş əsərlərin nə qədər böyük bir müvəffəqiyyət və səliqə ilə getdiyi, yerli yazıçıların əsərlərində isə bir quruluş süstlüyü görünməsi də, şübhəsiz, bunun bir nəticəsidir. Bundan artıq biz tələb də etmirik. Çünki mümkün deyildir. Buna görə də aramızda çalışan yoldaşları sevmək, onlardan istifadə etməklə bərabər, biz nə olursa-olsun öz qüvvələrimizdən rejissor yetişdirməliyik. Yalnız burada deyil, başqa-başqa mərkəzlərə də öyrənmək üçün adamlar göndərməliyik. Fəqət ucdantutma hər kəsi göndərmək olmaz. Göndəriləcək adamlar müəyyən ibtidai hazırlıq görmüş və bir çoxlarının arasından ayrılmış, seçilmiş adamlar olmalıdır ki, belə adamları da hər halda hər şeydən əvvəl teatr məktəbi verəcəkdir. Beləliklə, teatr məktəbinin nə qədər böyük əhəmiyyəti olduğu bizcə açıqdır. Xüsusilə, teatrlarımızın, klublarımızdakı səhnələrimizin hamısı üçün aktrisa hazırlamalıdır ki, burası akademik teatrının da ən canalacaq xəstə bir nöqtəsidir. İştə teatr məktəbimizdən gözlədiyimizin başlıcaları belədir. 4 Keçən saylarda biz teatr məktəbinin nə qədər böyük əhəmiyyəti olduğunu və görəcəyi işlərin başlıcalarını göstərmişdik. İndi məktəbin bugünkü vəziyyətinə keçək. Keçən il məktəb açılışının ilk ili olduğundan ancaq təşkilat işlərilə məşğul olaraq, təbii, müntəzəm bir hala düşə bilməyəcəkdi. Bu il isə məktəbə Bakıdan və qəzalardan bir çox yeni müdavimlər cəlb edildi. Hətta Türküstan və başqa cümhuriyyətlərdən də bir qədər müdavim göndərildi. Teatr sənəti cəhətincə hər halda Azərbaycan başqa türk ölkələrindən və bütün qonşu Şərq məmləkətlərindən irəli keçmişdir. Burası Azərbaycan teatr məktəbinin yalnız Azərbaycan deyil, bütün Şərq ölçüsündə böyük bir əhəmiyyəti və lüzumu olması üçün artıq bir sübutdur. Fəqət bununla bərabər dərslər bu il də qənaətbəxş bir surətdə getmədi. Məktəbdə dərslərin bir çoxu rusca aparıldığından, müdavimlərin əksəri, xüsusilə, qəzalardan gələnlər rusca bilmədiklərindən və buna görə də dərslərdən lazımınca istifadə edə bilmədiklərindən, bəzi dərslərin tərcüməyə ehtiyacı varkən, bu məsələ bu vaxtadək yoluna qoyulmadı. İstər türkcə, istərsə, başqa dərslərin müəyyən bir proqramı yox, bütün iş müəllimlərin istək və vicdanlarına tapşırılmışdır. Bütün müəllimlər üçün müəyyən bir dərs planı, dərs proqramı düzəltmək, müəyyən bir hədəf təyin etmək lazım ikən, burası da diqqətsiz qaldı. Qəzalardan gəlmiş müdavimlər az-çox yaşaya biləcək bir mənzil bulmadılar. Səhnəmizin böyük nöqsanlarından biri də aktyorlarımızın danışıq dili, düzgün bir natiqəsi (diksiyası) olmamasıdır. Bu cəhət məktəbdə ilk planda qoyulmalı ikən, bu vaxtadək bir diksiya müəllimi tapılmamışdır. Teatrda çalışacaq məktəb müdavimlərinə pyesləri təhlil etmək lazım ikən, bu vaxtadək teatr məktəbində bu əsərlər xüsusunda bir söz söyləyən, bir məruzə dinləyən olmamış və ehtimal ki, bu günədək teatr məktəbi müdavimləri arasında bu əsərlərin nə olduğunu, qəhrəmanlarının kim olduğunu lazımınca düşünən və (xarakterin) nə olduğunu bilən yoxdur. Sözlərimizin xülasəsini deyərsək, bu gün Xalq Maarif Komissarlığı iki mühüm iş görmüşsə, biri teatr məktəbini açmasıdır. Bu gün məktəb lazımi yüksəkliyində deyilsə, onu sabah yüksək bir dərəcəyə qaldırmağa çalışmalıdır. Bu gün çox zəif gedən məktəbin sabah parlaq nəticə verəcəyi və bizim teatrlarımızı, klublarımızı və qəzalarımızı hazırlıqlı aktyor qüvvələri ilə təchiz edəcəyi şübhəsizdir. Təkliflərimiz: Bütün dərslər üçün proqram tərtib edilməli və ümumiyyətlə, məktəb olduqca müəyyən bir hədəfə doğru yönəldilməlidir. Dərslərin tərcümə işləri müntəzəm yoluna salınmalıdır. Keçilmiş dərsləri türkcə hazırlamaq imkanı verəcək dərs kitablarını hazırlatdırmağa çalışılmalıdır. Deklamasiya dərsləri üçün, bu cəhətcə az-çox bacarıqlı adamlardan bir heyət düzəltməli, rus və başqa dillər üçün olan kitablardan istifadə elədiyimizə uyğun bir üsul yaradılması həmin heyətə tapşırılmalıdır. Məktəb üçün dərs aparmaq imkanı verəcək bir mənzil tapılmalıdır. Bundan başqa məktəbdə dərslər praktik bir əsas üzrə qurulmalı, hər 10-15 gündə keçdiyi dərsləri açıq səhnələrdə nümayiş etdirməlidir. Buna görə məktəb üçün mükəmməl təchiz edilmiş xırda bir səhnə ayrılmalıdır. Məktəbə bugünkü Tənqid-Təbliğ Teatrı səhnəsindən istifadə imkanı verilərsə, çox gözəl olar. Mümkün qədər bütün qəzalardan yeni müdavimlər cəlbinə və gələnlər üçün az-çox yaşaya biləcək bir mənzil tapılmasına və ümumiyyətlə, məişətlərinin mümkün qədər yaxşılaşmasına çalışmalıdır. Müəllimlər heyəti gözdən keçirilməli, qurulacaq məramnamə üzrə artıq dərslər çıxarılmalı, çatışmayan dərslər üçün lazımi tədris qüvvələri cəlb edilməlidir. Məktəb ilə Dövlət Darülmusiqi arasında bir kontakt düzəltməyə çalışmalıdır. Xüsusilə, opera şöbəsinin səhnə texnikası cəhətini məktəb, musiqi cəhətini isə Darülmusiqi təmin edə bilər. Son vaxtlar A.F.K. İdarəsi yanında açılan kinostudiyanı teatr ilə mümkün qədər sıx bir surətdə mərbut etməlidir. Yeni studiyada da nəzəri dərslərə ehtiyac olduğundan, mümkün olursa, həmin studiya teatr məktəbi yanında açılmalıdır ki, beləliklə, nəzəri və əməli dərslər müttəhid keçildiyindən, maddi cəhətcə daha çox qazanıldığı kimi, bu məktəbin də ciddiləşməsinə və həvəslə çalışmasına səbəb olsun. * * * Haruna cavab Möhtərəm “Yeni fikir” qəzetinin 1282-ci il sayında möhtərəm (Harun) yoldaş “Hamlet”in türkcə tərcüməsinə bir tənqid yazmışdır. Tənqid Şekspirin böyüklüyü, hər sözün əhəmiyyəti olduğu və tərcümənin düzgün olması lüzumu haqqında adi ümumi sözlərdən, çağırılmış bayatılardan və moizələrdən başlanır və tərcümənin “cinayət” sanılacaq qədər yaramaz olmasını qeyd ilə Azərnəşrə uzun təqsirnamələr oxumasilə bitir. Tənqid ədəbi-elmi mahiyyətdə olsa idi, biz “Hamlet”i nasıl düşündüyümüzü məmnuniyyətlə söylərdik. Lakin... dəyməz. Tərcümənin yaxşı, ya yaman olmasından da bəhs etmək istəmirik. Burası bizim vəzifəmiz deyildir. Cəmiyyətimizdə görülmüş işi qiymətləndirə biləcək adamlar çox çoxdur. Yalnız bir neçə cəhəti aydınlaşdırmaq lazımdır. “Hamlet” səhnə əsəri olduğundan onu rusca Polevoyun tərcüməsindən çevirdik. Çünki Polevoyun tərcüməsi təhtülləfz olmasa da, səhnə üçün ən müvəffəqiyyətli və münasibdir. Hamleti Şekspirin özü yazdığı kimi oynamaq olmaz. Çünki orada əsər pərdələrə və səhnələrə belə bölünməmişdir. Bunların hamısı sonradan yapılmışdır və indi də doğruluğu mübahisəlidir. “Şekspirin faciələrini səhnəyə uyuşdurmaq lazımmıdır? Bu məsələ artıq bitmişdir. Kimsə Şekspirin əsərlərinin guya yazıldığı kimi göstərilməsi lüzumunu iddia etmir. Bu məsələni hələ Gete “Vilhelm meyister” adlı romanında həll etmiş və Şekspir əsərlərinin müasir səhnə şəraitinə uyğunlaşdırılması lüzumunu kəsdirmişdir. O zamandan bu fikir bir həqiqət halı almışdır”. Rus ədəbiyyatçılarının bu gedişini biz ən doğru bir yol bilirik. Buna görə də səhnə üçün ən yararlı olan Polevoyu tərcümə üçün əsas intixab etdik. Polevoy bir çox lüzumsuz yerləri atmış, hətta bəzən özündən belə artırmış və “Hamlet”i əsası pozulmaması şərtilə rus mühitinə yaxınlaşdırmışdır. Buna görə də biz Polevoy üçün kor bir qramafon plastinkası olmaq istəmədik. Onu türk cəmiyyətinin ruhuna yaxınlaşdırmağa çalışdıq. Beləliklə, bir məzarçının: Mən bir igid gənc idim – oxuyardım, gülərdim, İndi artıq qocaldım – bir mən qaldım, bir dərdim, – deməsi və yaxud: İnsan qəbri mübarizkən – son geyimi, donu bu, Yaşa-yaşa, öləcəksən – yaranmışın sonu bu, – deməsi bizim adi xalq bayatılarımızdan bir o qədər də fərqli deyildir. Bəşəri bir əsəri ruhumuza yabançı bir şəkildə tərcümə etmənin, bizcə, bir mənası yoxdur. Şekspirin tərcümeyi-halını və əsərləri haqqında bir çox məqalələr yazan məşhur alman tənqidçisi (Els) alman tənqidçilərinin Şekspir haqqında yazdıqlarına yekun vurduqdan sonra Şekspirin almancaya tərcüməsi haqqında yazır ki: “romantiklərə (Şlegel)ə biz Şekspirin tərcüməsilə mədyunuq. O, (Şlegel) bütün başqa tərcümələri geridə buraxmış və Şekspiri bir alman klassiki yapmışdır”. Buna görədir ki: biz də “Hamlet”i ruhumuza yaxınlaşdırmaqda özümüzü haqlı gördük. Sözlərin və təbirlərin intixabında belə rus mühitinə daha doğma olan Polevoy üzərində qalmayıb, yeddi-səkkiz kitabdan istifadə etdik və hər yerdə dilimizə, ahəngimizə və ruhumuza daha yaxın, daha təbii və doğma sözləri, təbirləri seçib aldıq. Bu kitabların arasında tənqidçi yoldaşın irəli sürdüyü Qrunberqin də tərcüməsi vardır. Məsələn, duel vaxtı Polevoyun “Udar, eşe udar – ne udar” sözlərini “Zərbə, bir zərbəyə vurğu daha”, – deyə yazmaq əvəzinə Qrunberqin “bir-iki” – deyə yazdığını daha əlverişli görüb intixab etdik. “Zərbədir, zərbə deyil” əvəzinə isə “dəydi-dəymədi” yazmağı münasib gördük. Bununla bərabər, biz mümkün qədər sənədlərdən uzaqlaşmağa çalışdıq. Çünki bizdə başqalara qarşı kor bir tapqınlıq, özümüzə qarşı kor etimadsızlıq vardır. Almanların Şekspiri almanlaşdırması haqlı, bizimki isə haqsız görünə bilir. Gələk tənqidçinin bariz və fahiş yanlış kimi göstərdiklərinə. Qabaqcadan orasını qeyd edək ki, dünyada ümumən, absalyut olmadığı kimi, bizim də tərcüməmiz nöqsansız deyildir. Ehtimal ki, bir çox səhvlər gözdən qaçmışdır. Hələ biz biləni bir yerdə “su; adam yox... hərgah adam getsə idi” əvəzinə “kişi, qadın yox, hərgah bu qız getsə idi” – deyə çap edilmişdir. Ehtimal ki, böylə mürəttib və müsəhhih xətası bir-iki daha buluna bilər. Lakin bunlar Harun yoldaşın qopardığı “cinayət” gurultusuna dəyməz. Bunu altı sütun üçün 26 sətir təshih verən möhtərəm “Yeni fikir” idarəsi də inkar etməz zənnindəyik. Təkrar edirik ki, tək-tək nöqsanlar bəlkə də ola bilər. Ancaq hər halda Harun yoldaşın göstərdikləri deyildir. Harun yazır: Cəfər Cabbarlı “prinsə salamlar”, “bunu sənin üçün düşmənlərin belə deyəməz”. “Yoxsa burada sərxoşluq öyrənmək istəyirsiniz, pək eyi, biz sizi öyrədərik, həm də pək tez” və i. a. yazılmışdır. Halbuki, tənqidçinin fikrincə: “Nəcib prinsə salamlar olsun”, “Mən sənin düşmənlərindən də belə bunu eşitmək istəməzdim”, “Sən burada ikən sənə piyalələri boşaltmağı öyrədərlər” və i.a. yazmaq lazım imiş. Harun yoldaş, bir neçə kitaba müraciət etməyi bizə öyrətməkdənsə, özünüz zəhmət çəkib bir neçə kitaba baxa idiniz, onda görərdiniz ki, mənim yazdıqlarım Qrunberqdən deyil, Polevoydandır. Həm də nəhs kimi burası təhtülləfz düzdür. Biz yer tutmamaq üçün parçaları və ruscasını yazmır və burasını təsdiq etməyi möhtərəm “Kommunist” idarəsindən rica edirik. Onsuz da “Prinsə salamlar” ilə “Prinsə salamlar olsun” arasında nə fərq vardır. “Nəcib” sözü isə Qrunberqdə yoxdur. Tənqidçi yoldaş özündən artırmışdır. Polevoyda: “Privet prinsu”, Qrunberqdə isə: “Moyo poçtenye, prins”, yazılmışdır ki, birinci “Prinsə salamlar”, ikinci isə: “Prins, ərz, ehtiram”, – deməkdir. Böylə xırda şeylərin əhəmiyyəti varsa, tənqidçi yoldaş lütfən öz səhvini düzəltsin... “Olsun” sözünü isə biz artıq gördük. İkinci parçaya keçək. Polevoy yazır: “Sokruşaysya serdse”, biz “uçul ürəyim” deyil, “didil, parçalan” sözünü daha doğru, daha ahəngdar gördük. Qrunmberqdə “Skorbi duşa moya” yazılmışdır ki, nəticə etibarilə hər ikisi birdir. Burada da “ağla” sözü düz deyil, çünki “skorb” qəm və kədər deməkdir. Bunlar xırda şeylərdir, lakin tənqidçi bu xırda şeyləri cinayət sayır. Gələk “ölüm ya olum” monoloquna. Burası doğrudan da “Hamlet” üçün ən canalıcı bir nöqtədir. Çünki bütün əsərin psixoloji və fəlsəfi məhvəridir. Tənqidçi yazır: “Burada Cabbarzadəyə məxsus bir çox mənasız sözlər vardır. Məsələn: “ölüm ya olum”. Halbuki, yaşamaq ya ölmək olmalıdır. Əvvələn, tənqidçi yoldaşda azacıq bir düşüncə olsa idi, burada bir mürəttib xətası olduğunu düşünmüş olardı. Bu dəfə “ya” sözlərin başqa-başqa, həm də daban-dabana zidd sözlər olması lüzumunu göstərir. Öz məqaləsində “Məlun cinayət” yerinə “telefon cinayət” çıxmasını o başa düşməli idi. Nəhayət, bir az qərəzsiz olsa idi, kitabın sonunda həmin monoloqun başqa bir üslubda yazıldığını və orada açıq-aydın “olum ya ölüm” yazılmış olduğunu görə bilərdi. (Lakin onda tənqid üçün material olmazdı). Biz olmaq, ya ölmək sözlərindən “olum ya ölüm” göstərmişik. Yaşamaq, ya ölmək isə doğru deyildir. Çünki o zamanlar “Hamlet” atasının qatilindən intiqam almaq istəyirdi. Bunun üçün isə onda lazımi qətiyyət yox idi. Düşünür, daşınır, bir qətiyyətə gələ bilmir, eyni zamanda mühit ilə mənliyi arasındakı təzadlara, daxili mübarizələrinə dayanmayıb, intihar etmək fikrinə belə gəlmişdi. Bu da onun düşüncələri arasında itib gedirdi. Buna görə də monoloq Hamletin bu əhvali-ruhiyyəsinə uyğun olaraq ingiliscə “t”-bu ornot ty-bu” təbirilə başlanır ki, burası rusca bütün tərcümələrdə təhtül-ləfz “bıt ili ne bıt” tərcümə edilir. Buradan cinas olaraq əmisini öldürmək lazım olub olmadığı və intihar lazım olub olmaması çıxarıla bilir. Burasını Abdulla Cövdətbəy “Varlıqmı ya yoxluqmu?” tərcümə etmişdir. Yaşamaq, ya ölmək isə məsələni birtərəfli qətiləşdirmək deməkdir. Halbuki Hamlet eyni zamanda “qəzanın ağır tokatlarına dayanmaq, ya da mübarizəyə girişib fənalığı məhv etmək” lazım olduğunu düşünür ki: “bıt ili ne bıt” buraya daha aiddir. “Olum, ya ölüm” də burasını hər bir tərəfə aid etmək üçün götürülmüşdür. Sonra “fəna silabının coşqun dalğalarına qarşı qoyub onu qurutmaq, əzmək... yer üzündən qaldırmaq” cümləsində tənqidçi deyir: “Dalğanı qurutmaq olar, əzmək olmaz”. Ədəbiyyatda bir çox cinaslar, məcazlar, kinayələr, istiarələr vardır. Xüsusilə, Şərq ədəbiyyatı bu cəhətcə ən irəli getmişdir. Biz bilmədik ki, tənqidçi yoldaş Kür çayının dalğalarını həvəngə töküb döyəcək və bir nəticə çıxarmayacaqdır. Yoldaş ədəbiyyat bilmirsə, bir az oxusun. Sonra yazır: “Rəzillərin məzəmmətlərinə qarşı coşan nifrətlərə kim dayanmaq istərdi”. Bu isə tam mənasız bir kəlmə (yoldaş bir az sərf-nəhv də oxusa, yaman olmaz. Çünki “tənqidçi” hər halda cümlə ilə gəlmənin fərqini bilməlidir). Bu cümlə: “Rəzillərin xidmətlərə qarşı coşan nifrətlərinə kim dayanmaq istərdi”. Burada dolaşıq isə ikinci monoloqda bu cümlə “Ya doğruluğun bir yaramazlıq kimi təkdirinə kim dayanardı” – deyə yazılmışdır. Oradan bəlkə anlaya bilir. “Məzəmmət” sözü isə kitabda yoxdur. Tənqidçi bu sözü böhtan olaraq mənə isnad verir. Nəhayət, tənqidçi yazır: “Düşündükcə tələsik həyəcanların cəsarəti sönüyor, fikir işə keçmiyor”... “Bu sözlərin mənasını anlamaq mümkün deyildir. Bu kəlmələri Şekspirin Hamleti deyil, yalnız Cabbarzadənin “Aydın”ı deyə bilər. Bu sözləri yalnız Cabbarzadə öz əsərinə yaza bilər: Hamlet böyük duyğulara, eyni zamanda dərin bir düşüncəyə malikdir. Əsl fəlakəti də burasıdır. Həyəcanlarından, duyduqlarından tez bir nəticə çıxarır, sonra isə bu fikri beynində ilişib qalır, onu həyata keçirə bilmir. Gete deyir: “Hamletin üzərinə böyük bir iş qoyulmuş, təbiətən isə ona bu işi həyata keçirəcək bir qüvvə verilməmişdir. Şekspir burasını təsvir etmək istəmiş, bütün əsər də bunun üzərində qurulmuşdur. Bu xüsusda ən ilk mənbə sanılan (Kosric) isə deyir ki: Hamletdə o (Şekspir) xarici həyat təsiratını almanın əql mühakiməsilə məvazinəsi olması lüzumunu göstərmək istəmişdir. Hamletdə isə bu məvazinə pozulmuşdur. Onun həqiqi duyğuları, onun düşüncələri arasından keçincə öz boyasını itirib başqa bir rəng alır”. “İştə böylə bir adamı Şekspir öylə bir vəziyyətdə qoyur ki, tez və qəti hərəkət etməlidir”. Hamlet ölümdən qorxmur, lakin o, həssaslıqdan titrəyir. Sonsuz düşüncələr içərisində işi gecikdirir və ciddi hərəkət istedadını itirir. Ingilis münəqqidi Şəraşə də əsas etibarilə və bir az əlavə ilə bu fikrə şərikdir. Beləliklə, Hamlet duyğuları üzərində bir şey düşünür, sonra isə fikrini işə keçirə bilmir. Burasını tənqidçi yoldaş anlamırsa, biz nə edə bilərik? Polevoy yazır: И яpkий цвeт мoгyчeгo peшeния Блeднeeт пpeд мpakoм paзмышлeнья; И cмeлocть быcтpoгo пopывa гибнeт, И мыcль нe пepexoдит в дeлo. Qrunberq isə Tak блekнeт в нac pyмянeц cильнoй вoли Koгдa нaчнeм мы paзмышлять, cлaбeeт Живoй пoлeт oтвaжныx пpeдпpиятий И poбkий пyть ckлoняeт пpoчь oт цeли. Biz isə burasını: “Qəti bir iradənin iti boyası təfəkküratın zülmətinə qarşı soluyor. Düşündükcə həyəcanların cəsarəti sönüyor, fikir işə keçmiyor”, yəni əski molla dəlilə qövl felə mübəddəl olmur, – deyə yazmışıq. Görünür tənqidçi yoldaş nəinki ingiliscə, nəinki rusca, hətta türkcə də bilmirmiş. Bu isə, hər halda, bizim təqsirimiz deyildir. Bunun üçün savadsızlıq kursları vardır. Tənqidçi yoldaş özü başqa bir monoloğ tərcüməsi təklif edir: Biz onun qırıq-tökük dilini qəbul etməkdənsə, əlimizdə Abdulla Cövdətbəyin mükəmməl tərcüməsi vardır. Ondan istifadə edə bilirdik. Tənqidçi yoldaş isə 20 sətirlik bu tərcüməsində aşağı-yuxarı 25 böyük qələt buraxmışdır. “Aldadılmış eşqə” kimi dözərdi deyil, Qrunberqdə: “Unudulmuş eşqə”, Polevoyda isə “Qaytarılmış eşq”dir. Hamletin Ofelyanı ya Ofelyanın Hamleti aldatmalarını tənqidçi yoldaş düşünməyərək təsdiq edir. Onlar bir-birini səmimi eşqlə sevir, aldatmırdılar. Sonra Qrunberqdə tənqidçinin dediyi kimi “Dünyanın zülm istehzasına deyil, əsrin zülm və istehzasına dayanılmaz” deyilir ki, burası da mühüm məsələdir. Sonra tənqidçi: “Bu qorxu bizim hamımızı qorxaq etmişdir” deyə tərcümə edir. Halbuki, yuxarıda dediyimiz kimi Hamlet ölümdən qorxmur. Qrunberqin tərcüməsindən: “Beləliklə, vicdan bizim hamımızı qorxağa çevirir”di. Bu isə yenə də Hamletin düşünüb daşınması və öz vicdanından qorxub bir iş görməməsi deməkdir. Abdulla Cövdətbəydə burası: “Dünyada təfəkkürdür edən bizləri qorxaq”, – denilir ki, bu da doğrudur. Tənqidçinin isə: “Hamletin” qorxudan qorxağa çevrilirik”, – deyə yazdığı cümlə yanlış və mənasızdır. Lüzum görülürsə, biz bu 20 sətirdə ümumi ölgünlük və söküklükdən başqa daha bir çox yanlışlar, həm də böyük yanlışlar göstərə bilərik. Tənqidçi yoldaş! Bizdən böylə bir tərcümə tələb edirsəniz, əfv edərsiniz, biz onu edəməyəcəyik. İstərsiniz özünüz edib özünüz də oxuya bilərsiniz... Nəhayət tənqidçinin bir iddiasını da qeyd edib bitirəcəyik. Tənqidçi deyir: “Cabbarlı bir çox yerləri anlamadan başqa cür tərcümə etmişdir. Məsələn, 30- cu səhifədə: “Barmaqlar dodaqlara və əbədi sükut!” “Hadisə hər şey xaricindədir”. “Məlun cinayət, neçin mən sənə cəza verməyə doğuldum?”. Burada bir çox mənasız sözlər vardır: “Barmaqlar dodaqlara”, “Hadisə hər bir şey xaricindədir”. Cinayətə cəza verilməz. Şekspir isə burasını boylə yazmışdır: “Vaxt öz cızığından çıxmışdır, lənət olsun onu yenidən öz cızığına salmaq üçün məni doğuran fələyə”. Oxucu görür ki, burada nə hadisə var, Nə məlun cinayət, nə cinayətə cəza, nə də barmaqlar dodaqlara. Görünür, Cabbarzadə ingiliscəni bilmədiyi kimi, ruscanı da bilmir”. İngilis və rusca bilən Harun yoldaş, bizə öyüd verməkdənsə, özünüz Qrunberqdən başqa bir kitaba da baxa idiniz. O zaman mənasız dediyiniz sözlərin mənə aid olmadığını və Polevoyun 26-cı səhifəsində “Barmaqlar dodaqlara” və i.a. sözləri eynən yazıldığını görərdiniz. Hətta Polevoyda deyil, Qrunberqdə də “barmaqlar dodaqlara”, – deyə yazılmışdır. Hətta ingiliscə orijinalda da burası böylədir. İngiliscə və rusca bilən tənqidçi yoldaşın bu sözləri, mənasız deyə bizə isnad verməsi bir böhtan və iftiradır. Tənqidçi yoldaş bunu bilərək yapmışsa, məhkəmə qarşısında cavab verməli, bilməyərək məlumatsızlıqdan və Qrunberqdən başqa bir kitab görməməkdən yazmış isə, məlumatsızlığını əfkari-ümumiyyə qarşısında söyləməlidir. Bunu biz tələb etmirik, bunu böhtanla sütunları qaralanmış “Yeni fikir” qəzeti tələb edə bilər. Harun yoldaş, Şekspiri bir kitab ilə tərcümə etmək olmaz. Bunu biz bilirik. Bir Qrunberq ilə də tənqid etmək olmaz. Siz də bunu biliniz. Çünki tərcüməçi məsul isə, tənqidçi də məsuliyyətsiz deyildir. * * * Türkoloji qurultay və sərf-nəhv məsələsi Fevralın 26-da açılacaq Türkoloji qurultayı bu vaxtadək həll edilməmiş bir çox türkoloji məsələlərini aydınlaşdıracağı kimi, ötədən bəri bir mübahisə və çəkişmə nöqtəsi olan türkcə sərf-nəhv məsələsini də müzakirə edəcəkdir. Bu vaxta qədər başlıca olaraq Türkiyədə düzəlmiş və çıxarılmış bir çox sərf-nəhv kitabları vardır. Bu məsələ ilə digər bir çox xarici alimlər də uğraşmışlardır. Fəqət bu gün türk dilinin özünə, dilin xüsusiyyətlərinə istinadən yazılmış bir sərf-nəhv kitabın olmaması və yazılanların da həpsinin dəniləcək dərəcədə ərəb və Avropa dilləri əsası ilə yazılması mövcud sərf-nəhvin türk dili üçün yaramaz olduğunu göstəriyor. Və buna görədir ki, bir çoxları – “Türk dilinin sərf-nəhvi yoxdür” kimi boş iddialardan çəkinməyirlər. Türkoloji qurultayı isə bu məsələni müzakirə edərkən yalnız əsası yollar göstərəcəkdir. Bu əsasi yollar ilə çalışmaq və yalnız türk dilinin xüsusiyyətlərini nəzərə alaraq mükəmməl bir sərf-nəhv düzəltmək işi yenə də bizim öz öhdəmizdə qalacaqdır. Dilimizin ahəng üsulu, incəlməyə doğru yürüşü başqa dillərdə olmayan və yalnız türk dilinə məxsus olan xüsusiyyətləri bu gün bizdən böyük tətəbbüat və əməklər tələb edir. Dilimiz araşdırılmalı, tabe olduğu qanunlar bulunub ortaya çıxarılmalı və müntəz bir hala salınmalıdır. Bundan başqa dilimizə soxulmuş və öz qanunları ilə köçmüş yabançı sözlər türk boğazına girəcək bir qalığa salınmalı və dilimizin tələb etdiyi müəyyən qanunlar altına alınmalıdır. Ümumən bir çox bu kimi qatışıq məsələlər üzərində çalışılmalı və pək çox çalışılmalıdır. Ayrıca türk dilinin xüsusiyyətlərinə və öz qanunlarına istinadən bir sərf-nəhv düzəltmək məsələsi ötəndən bəri Azərbaycanda da fikirləri məşğul etmiş, hətta göstərilmiş əsaslar üzərinə xüsusi bir komisyon tərəfindən bir sərf-nəhv düzəlmiş və bir kitab olmaq üzrə Azərnəşr tərəfindən nəşr edilmişdir. Bu kitab haqqında vaxtilə “Kommunist” qəzetəsində mübahisə aparılmışsa da, lazımi bir aydınlığa varılmamışdır. Bu gün isə qurultayda danışılacaq sərf-nəhv məsələsinə öncədən hazırlıq aparmaq lazım olduğundan bu məsələ ətrafında geniş mübahisə açılmalı, hər kəs öz fikrini bildirməli və müntəzəm surətdə bu məsələnin aydınlaşdırılmasına və beləliklə qurultay üçün də material ola biləcək fikirlərin bir araya toplanmasına çalışmalıdır. Bu münasibətlə “Kommunist” qəzetəsi yanındakı klubda iclaslar, müşavirələr düzəltmiş, fəqət məsələ yazı yapraqlarına, mətbuat sütunlarına keçirilməmişdir. Halbuki, buna böyük bir ehtiyac vardır. İştə bunların həpsini nəzərə alaraq ümumən sərf-nəhv məsələsi başlıca olaraq komisyon tərəfindən düzəlib. Azərnəşr tərəfindən basdırılmış sərf-nəhv kitabı haqqında mətbuatda geniş mübahisə açılmalıdır. * * * Tərcümə məsələsinə əhəmiyyət verilməlidir Son zamanlar mətbuatda arası kəsilmədən təsadüf edilən bir mələsə də tərcüməçilər məsələsidir. Yeni bir kitab çıxan kimi onun tərcüməsi tənqid ediliyor. Kitabın anlaşılmaz bir dildə tərcümə edilməsindən, fikirlərin yanlış keçirilməsindən şikayət ediliyor. Bununla da məsələ bitib gediyor. Yenə yarın ikinci kitab üzərində bu əməliyyat yapılıyor. Məsələyi nədənsə, kimsə əsas bir şəkildə araya sürməyir. Halbuki bu o qədər də səthi keçiriləcək bir məsələ deyildir. Bu gün Azərbaycanda bir çox ədəbi, ictimai, siyasi, elmi, fənni və sair kitablar tərcümə ediliyor. Bu kitablardan yalnız Azərbaycanda deyil, bəlkə bütün türk ölkələrində istifadə ediliyor. Minlərlə paralar sərf ediliyor; nəticədə də tərcümənin yaramazlığı üzərə yenə kitab atılmaqdan başqa bir şeyə yaramıyor. Təbii, bu hər kəsi düşündürməyə layiq bir məsələdir. Volfsonun kitabı tərcümə edildi, bu gün kimsə istifadə edəmiyor. Daha bir çox kitablar göstərilə bilər ki, alanlar yersiz para itirməkdən başqa bir şeyi qazanmamışlardır. Təkrar tərcümə ediliyor, o da əvvəlkindən irəli gedəmiyor. Burada əsas təqsir kimdədir? Bizcə təqsir müştərəkdir. Onun bir qismi tərcüməçilərdə, bir qismi Maarifçilər ittifaqında və ən böyük bir qismi də nəşriyyat idarələrindədir. Əvvəla, tərcüməçilərimizdən kimsə öz qüvvətilə, bilişilə, bacarığı ilə, ixtisas ilə hesablaşmaq istəmiyor. Azacıq rusca, ya başqa bir dil bildisə ilk təklif edilən kitabı alıb tərcüməyə girişiyorlar. Halbuki məsələ ruscadan bir kitabı tərcümə edə bilmək üçün yalnız rusca bilmək kafi deyildir. Bir də kitabın bəhs etdiyi məsələyi ətraflıca bilmək və bu məsələ ilə mükəmməl tanış olmaq, daha doğrusu, o dairədə bir mütəxəssis olmaq lazımdır. Bizdə isə böylə deyildir. Çox vaxt bir söz başqa-başqa elmlərdə bir istilah olmaq üzrə başqa-başqa mənalar ifadə ediyor. Buna görə də tərcüməçi tanış olmadığı bir məsələdən tərcümə etdikdə çox vaxt istilahları qatışdırıyor. Bundan başqa bəzi tərcümələr də vardır ki, özləri qüvvəli olsalar da ancaq tez para almaq üçün çalışıyor, tərcümələri başdansovma eyləyib üzərlərində olan məsuliyyəti düşünmək istəmiyorlar. Nəşriyyat idarələrinə gəlincə bunlar da bir dəfə tərcümə üçün çağırdıqları adamların qüvvəsini, biliyini, ixtisasını bacarığını bilmədən tərcümənin ucuzluğu ardınca qaçıb, hər bir kitabı onlara veriyor və nəticədə də kitabların yaramazlığı kimi ağır bir vəziyyət qarşısında qalmış oluyorlar. Hətta çox vaxt mətbuatda tərcüməsinin yaramazlığı qeyd edilən adamlara təkrar tərcümə veriliyor və yenə də əvvəlki vəziyyət meydana çıxıyor. Maarifçilər ittifaqı həqqində orası qeyd olunmalıdır ki, bu vaxta qədər ittifaq öz üzvü olan tərcüməçilərin maddi və mənəvi vəziyyətlərini qəti bir surətdə müəyyən edib, düzgün bir çərçivə içərisinə almamışdır. Onların ixtisasını və ixtisaslarına görə ala biləcəkləri əmək haqqı məsələsini düzgün bir yola salmamışdır. Bizdə, artıq bu hala bir son qoyulmalıdır. Gələcəkdə çəkilən əməklərin, sərf edilən paraların yersiz itməməsi üçün hər şeydən əvvəl Maarif işçiləri ittifaqı tərcüməçilik adı almaq istəyən adamların gərək ixtisasını, gərəksə biliyini və tərcüməçilikdə bacarığını aydınlaşdırmalı və tərcüməçiliyə qəbul ediləcək adamlar üçün müəyyən dərəcələr təyin etməlidir. Bunun üçün tərcüməçilər siyahıya alınıb, imtahan edilməlidirlər. Və nə kimi tərcümələri bacarmaları haqqında əllərinə vəsiqə verilməlidir. Bu xüsusda Maarifçilər ittifaqı tərəfindən arada bir təşəbbüs edilmiş, hətta müəyyən bir komission düzəlmişsə də, mütəəssüfanə bu vaxta qədər bu komisionun fəaliyyəti görülməmiş və işlərindən bir nəticə çıxmamışdır. Bildiyimizə görə, bu xüsusda tərcüməçilərə paylanan anketlər bu vaxta qədər ittifaqda yatıb qalmaqdadır. Halbuki bu məsələ mahudlar altında yatırılacaq bir məsələ deyildir. Bu məsələyi maarif işçiləri qurultayı da müzakirə ilə öz qətnaməsində qeyd etmişdir. Nə olursa-olsun, bu məsələyə ciddiyyətlə girişməli və tezliklə həyata keçirilməlidir. Nəşriyyat idarələri əllərində böylə vəsiqələri olmayan adamlara tərcümə verməməlidir. Bundan başqa tərcüməçilərin “xaltura”sından yaxa qurtarmaq üçün hər bir əsər çıxan kimi qəzetə idarələrinə və mütəxəssislərə göndərilməli və kitab haqqında yazılan biblioqrafiyalara diqqət edilməlidir. Xaltura yapması görülən tərcüməçilərə çox qüvvətli olsalar belə, bir daha tərcümə verilməməli və ya tərcümələrin sağlamlığını təmin edəcək şərtlər qoyulmalıdır. Bundan başqa yaxşı tərcüməçilərin əmək haqqı da müəyyən bir nizama salınmalı, müqtədir tərcüməçilərin mütəxəssislər kimi əmək haqqı ala bilməsi üçün çalışılmalıdır. Bunların hamısı ilə bərabər, bacarıqlı tərcüməçilər hazırlamağı da unutmamalıdır. * * * Kənd səhnələrinə kömək edilməlidir Ötədən bəri qəzet sütunlarında bu və ya başqa bir kənddə kənd həvəskarları, xüsusilə, kommunist gənclər özəkləri tərəfindən teatr tamaşaları verilməsi və bu oyunların böyük mədəni əhəmiyyəti olmaqla bərabər, bir çox texniki nöqsanlarının da olması göstərilməkdədir. Bu, əsaslı bir məsələdir. Bəlli olduğu üzrə, Bakı türk teatrlarında hər həftə həmkarlar ittifaqları üçün xüsusi oyunlar verilməklə işçilər teatrlara doldurulur. Bundan başqa bəzi səyyar dəstələr, xüsusilə, işçi-kəndli teatrı aktyorları, “Damğa” kollektivi və sairə rayonlara gedib teatr tamaşaları verirlər. Bunun üzərinə işçi klublarındakı dram dərnəklərinin də fəaliyyəti əlavə edilirsə, Bakı və dairəsindəki işçilərin səhnə cəhətincə ehtiyacları tamamilə də olmasa, azçox ödənilir denilə bilər. Halbuki, kəndlərin vəziyyəti bambaşqadır. Az-çox asan nəqliyyat yolları olan və çox yaxında bulunan dairələri belə lazımınca ödəməyən mərkəzi teatr təşkilatları və onların səyyar dəstələri təbii olaraq, uzaq qəza və kəndlərə heç bir yardım göstərməyirlər. Ara-sıra yayda mərkəzdə oyunlar bitirkən, kəndlərə səyyar dəstələr gedib, bəzi dairə mərkəzlərində bir-iki tamaşa verirlərsə də, bu, ümumi ehtiyaca qarşı heç dərəcəsində qalır. Onsuz da bütün yayı çöl işlərilə məşğul olan kəndlilər, belə nüdrəti tamaşalardan çox az istifadə edə bilirlər. Buna qarşı bütün qış işsiz və asudə ikən dəstələri görəməyir, vaxtını kəndlərin baqqal və çayçı dükanlarında söylənən nağıllar ilə keçirmək məcburiyyətində qalırlar. İlin bu vaxtında da kəndlərə səyyar aktyor dəstələri gedə bilmirlər. Burada yeganə bir çarə qalır ki, o da hər kənddə bulunan gənclər özəklərinin və bəzi kəndlərdə olan həvəskarların fəaliyyətidir. Bunlar, təbii, bacarıqca çalışır və ara-sıra göstərdikləri başsızayaqsız oyunlarla kəndliləri həvəsləndirir, klub, qiraətxana və bu kimi maarif ocaqlarına cəlb edirlər. Fəqət bunların fəaliyyətinə rəhbərlik edəcək, ibtidai ehtiyaclarının belə rəfinə çalışacaq bir mərkəz olmadığından, bu kənd təşkilatlarının da fəaliyyəti pozğun bir halda gedir. Bu həvəskarlar dəstələri, özəklər, hər şeydən əvvəl istifadə edilə biləcək səhnə ədəbiyyatı tapa bilmirlər. Bu cəhəti az-çox təmin üçün keçənlərdə AHİŞ tərəfindən “Damğa” adlı bir məcmuə çıxarılırdı. Burada kəndlilər üçün uyğun materiallar az olsa da, hər halda ufaqtüfək parçalarından istifadə edilə bilirdi. Təəssüf edilməlidir ki, son zamanlar bu “Damğa”nın da nədənsə nəşri dayandırılmış, düzələn əsərlər bir nüsxədə olaraq “Damğa” kollektivi əlində qalıb, mümkün olan yerlərdə bu kollektivlər tərəfindən (o da işçi rayonlarında) oynanır. Bunun nəticəsində kəndlərdə oynayan həvəskarlar və özək dəstələri yeni səhnə ədəbiyyatı tapa bilməyib, əski, əhəmiyyətlərini itirmiş, yaramaz biriki əsərin təkrarına məcbur olurlar. Bundan başqa, kənddə oynayan dəstələr qrim, paltar və bu kimi adi şeylər cəhətincə də ehtiyac içindədirlər. Dekor haqqında danışmağa belə gəlməz. Bunların hamısı kənd həvəskarlarının işini pozub axsadır. Burası gərək musiqi, gərəksə rəssamlıq və başqa cəhətlərcə kənd yaradıcılığına rəhbərlik edəcək, nöqsan və ehtiyaclarının rəfinə çalışacaqdır. Belə mərkəz başqa cəhətlərcə də olmasa, heç olmazsa kənd səhnə işlərinə rəhbərlik etmək üçün Azərbaycanda da açılmalıdır. Hər halda bu və ya başqa bir vasitə ilə aşağıdakı əməli işlər görülməlidir: Kənd həvəskarlar dəstələrinin və gənclər özəklərinin səhnə ədəbiyyatına olan ehtiyaclarını ödəmək üçün keçmiş “Damğa” biçimində bir məcmuə çıxarılmalıdır ki, burada da təsadüfi, biryolluq parçalardan daha artıq bir, ya iki pərdəli əsərlər yazılmasına çalışmalıdır. Belə bir məcmuə satışa buraxılarsa, öz xərcini ödəyə bilər. Bütün həvəskarların müştərək istifadəsi üçün hər kəndə 2-3 qutu da olsa qrim-boya göndərilməlidir. Bunlar külliyyatlı bir surətdə hazırlaşdırılırsa, daha ucuz başa gəlib, kəndlərə də ucuz buraxıla bilər. Paltar və dekor məsələsinə gəlincə, burası bir qədər çətindir. Bizcə, həvəskarları heç olmazsa, adi paltarlarından çıxara bilmək üçün qırmızı, göy və ya başqa bir boyada satin və bu kimi ucuz parçalardan köynək (forma) hazırlanırsa, daha yaxşı olur. Bu köynəklər (sini bluz kimi) bütün oyunlarda geyilə bilər. Bunun üçün bəlkə başqa bir yol da varsa, onun təşkilini təklif etdiyimiz Mərkəzi İncəsənət Evi düşünə bilər. Dekor məsələsində hər kənd üçün meşə, otaq və bu kimi bir neçə ümumi “arxalıqlar” (zadniklər) çəkilib göndərilərsə, kafidir. Bu, texniki cəhətcə çox asan və ucuz başa gələ bilər. Yan divarlar üçün şəhərin özündə də pərdələrdən istifadə edildiyi kimi, kəndlərdə də xalça-palaz və bu kimi şeylərdən istifadə edilə bilər. Burada kənddəki şeylərdən səhnədə necə istifadə etmək, qrimi işlətmək və bu kimi məsələlər qalır ki, bunun üçün də xüsusi təlimatçılar təyin edilməlidir ki, gələcəkdə bunun üçün türk teatr məktəbini bitirəcək yerdən gəlmiş müdavimlər də çalışa bilər. Bundan başqa, kənd həvəskarlar dəstələrinin üzvləri şəhərə gələrkən Mərkəzi Incəsənət Evindən təlimat ala bilərlər. Yerlərə də təlimat göndərilə bilər. Nə olursa-olsun bu və ya başqa bir yol ilə kəndlərdə səhnə işlərinin doğru bir yola salınmasına çalışmalıdır. * * * Mirzə Fətəli Axundzadə HAQQINDA Mirzə Fətəli Axundov əski sxolastik ədəbiyyatdan, Şərqin yekrəng qəzəl, qəsidə və rübai ədəbiyyatından birinci olaraq ayrılıb, yeni bir ədəbiyyat şəklinə ayaq basan və azəri teatr ədəbiyyatının ilk təməl daşını qoyan ədibdir. Bəlli olduğu üzrə azəri ədəbiyyatı Füzulidən sonra öz orijinallığını itirmiş bir halda idi. Füzuli azəri ədəbiyyatını fars və ərəb girdablarından dartıb çıxarmış və dörd yanını sarmış boşluq içərisində yeni doğurmuş ədəbiyyatını çiyinlərinə almış və yenilməz addımlarla ta yüksəklərə qaldırıb, parlaq bir sentimentalizm ədəbiyyatı olmaq üzrə vaxtında təqdim etmişdir. Füzulinin dörd əsr bundan əvvəl yazdığı sentimentalist əsərlər bu gün belə bütün sentimentalizm ədəbiyyatının ilk sıralarında gedə bilir. O öz mövzularında bəzən böyük ədəbi keçmişə malik yazıçılarla yarışmış, onların yazdıqları mövzulardan istifadə etmiş, lakin bu yarışda onlardan geri qalmamış və hər halda “Leyli və Məcnun” kimi dahiyanə əsərində öz qoca rəqiblərini geri buraxmış və hamısından yüksəyə qalxmışdır. Füzuli öz dühası ilə Azərbaycana parlaq klassik bir ədəbiyyat verdi. Lakin eyni zamanda onun dühası ağır bir yük kimi azəri ədəbiyyatının inkişafı üzərinə düşüb, onu öz ağırlığı altında əzməyə başladı. El ağzından çıxmış ədəbiyyat, bir dahinin qələmi altında yonuldu və birdən-birə klassik bir yüksəkliyə qalxdı. Mühit isə bu yüksəkliyə çıxacaq bir hazırlığa malik deyildi. Azəri ədəbiyyatının Füzuli yüksəkliyində dayanması və mütərəqqi addımlarla yüksəklərə doğru irəliləməsi üçün həyati bir dayağı yox idi. Odur ki, Füzuli öz əlini ədəbiyyatdan çəkər-çəkməz ədəbiyyat mütərəqqi gedişi ilə irəliləmək deyil, bəlkə yüksəldiyi yerdə belə dayanmadı və sürətli hərəkətlə enişə doğru yuvarlanmağa başladı. Bu eniş qoca rəhbərin ardınca gedən sıra ədəbiyyatı bir seylab kimi yaxalayır və öz ağırlığı altında əzib öz eniş yolu ilə axıdırdı. Şairlər, ədiblər Füzulini ötməyə deyil, bəlkə ona yetişməyə və var qüvvələri ilə öz əsərlərini Füzulinin əsərlərinə bənzətməyə və beləliklə, ədəbiyyatı qırıldığı nöqtəyə vardırmağa və orada bərkitməyə çalışırdılar. Beləliklə, azəri ədəbiyyatı öz orijinal mənliyini itirmiş və Füzulinin ardınca qoşmağa başlamışdı. Artıq ədəbiyyat öz mövzusunu həyatdan və mühitin təməlindən almır, həyatın psixologiyası ilə yaşamır, bəlkə keçmiş, söylənmiş sözləri, daha doğrusu, Füzulinin dahiyanə şeirlərini daha bayağı, daha zəif və boyasız bir şəkildə təkrar edirdi. Füzulinin bir qəzəli yüzlərlə şairlər üçün ilham mənbəyi olur, şairlər öz şeirlərini ona bənzətməyə çalışırdılar. “Füzuliyanə” qəzəllər yazmaq şairlərin idealı olmuşdur. Bənzətmələr, təxmislər yol alıb gedirdi. Ədəbiyyat öz normal yolunu itirmiş, həlqəvi bir gedişlə Füzulinin başına hərlənir, haraya getdiyini özü də bilmirdi. Füzuli elə bir tilsim idi ki, ədəbiyyatımız ondan bir addım belə olsun bayıra çıxmır və uzun illər yeni bir şəklə keçmirdi. Beləliklə, ədəbiyyat getdikcə həyatdan uzaqlaşır, ayağı həyat torpağından üzülür, bayağılaşır, düşkünləşir və çıxılmaz bir tilsim içərisində çırpınırdı. Birinci olaraq, bu cadulanmış gedişə qarşı çıxan, bu saxlanmaz axını toxdadan, bu çıxılmaz yoldan çıxan və bu qırılmaz qəzəl və qəsidə tilsimini qıran Mirzə Fətəli Axundzadə olmuşdur. Heç şübhəsizdir ki, azəri ədəbiyyatındakı bu ölgünlük Azərbaycandakı siyasi və ictimai ölgünlük və düşkünlük nəticəsi idi. Azərbaycanın ictimai və siyasi həyatı ölgünləşdikcə, ədəbiyyat da ölgünləşir və bütün mühiti bir Şərq ətaləti sarıyırdı. Bu etibarla Azərbaycanın sonrakı ölgün ədəbiyyatı nə qədər biçimsiz, maraqsız, məzmunsuz və bir təqlid ədəbiyyatı olsa da, hər halda yenə də öz ölgün və düşkün mühitinin güzgüsü ola bilər. Mühitin boşluğunu, çürüklüyünü, öz məzmunsuzluğu və boşluğu ilə də olsa, aldıra bilər. Çarizm Qafqazı aldıqdan sonra həyat da öz cığırından çıxmağa başladı. Birinci Pyotrdan və Yekaterinadan bəri Rusiyaya sirayət etmiş Qərb axını Rusiyanı özünə cəlb etmiş və rusların Qafqaza gəlməsi ilə istər-istəməz Qafqaza da keçməyə başlamışdı. Getdikcə ictimai həyat boyasını dəyişirdi. Həyat başqalaşır, mühit təbəqələşir, üsullar, qaydalar, məhkəmələr, ənənələr, bir sözlə, bütün keçmiş həyat normaları öz cığırından çıxırdı. Xanlar yoxsullaşıb əhəmiyyətdən düşür, yeniyetmə bəylər törəyir, İranın əsrlərdən bəri hökmranlıq sürən nüfuzu sarsılır, onların yerinə tam başqa bir nüfuz, başqa bir şərait qurulurdu. Bu sarsıntılıq, bu qatışıqlıq, el ədəbiyyatında gözəl parçalar yaratmış olsa da, yazı ədəbiyyatında o qədər bir boşluq vücuda gətirmişdi. Bu vaxtadək ədəbiyyat təqlidlə yaşasa da, heç olmasa, həyat dəyişməmiş olduğundan təqlid mənbəyi də həyata az-çox uyuyur və təqlid edilmiş əsərlər bir növ ötüşüb gedirdi. Həyat əsaslı bir dəyişikliyə uğrayınca, ədəbiyyat büsbütün başını itirdi. Şairlər əski inersiyaları ilə gedir, yeni gedişə uymayır, yazdıqları da yeni gedişlə bir disenans vücuda gətirirdi. Yeni mühit, yeni təsir cəmiyyəti başqa əsaslar üzrə təbəqələşdirir, cəmiyyətdə yeni vəziyyətə yarayacaq təbəqələr, xırda burjuaziya təbəqələri, yeni bəylər təbəqəsi, yeni maarifçilər, islahatçılar, yeni məktəblər, yeni intelligensiya qrupları, dilmanclar, müəllimlər törənir və bunların nəticəsində yeni həyati faciələr, yeni simalar, yeni şəxsiyyətlər, yeni tiplər meydana çıxırdı. “Ədəbiyyat” isə köhnə sxolastik yolu ilə gedir və həyatdan büsbütün ayrılıb, özü üçün tam başqa dar və xüsusi bir aləm təşkil edirdi. Bu aralıq həyatda bir-ikilik törəmişdi. Cəmiyyətin bir qismi köhnə təsir altında qalmış, bir qismi isə yeni təsirə qapılmış və həyatı da o yolla aparmaq, bütün cəmiyyəti yeni təsir yolları ilə aparmaq, əlifbadan başlamış ictimai və siyasi quruluşa kimi hər şeydə bir islahat etmək istəyirdi. Mirzə Fətəli də bu ikinci qrupun nümayəndəsi idi. Zatən, cəmiyyət kimi ədəbiyyat da iki cığıra parçalanmışdı. Bunların birində köhnə qəzəllər, qəsidələr, mərsiyələr və bu kimi sxolastik ədəbiyyat son günlərini yaşayaraq, gedirdi. İkinci qrup isə bu köhnə cığırdan çıxmış idi. O bu köhnə ədəbiyyatdan artıq zövq almazdı. Bu ədəbiyyat onun ehtiyaclarını ödəmir, onun istəklərini, arzularını anlatmır, onun psixologiyasına uymurdu. O özü üçün tam başqa və öz ruhunun, diləklərinin, öz əmək və ideallarının tərcümanı olacaq bir ədəbiyyat, yeni və həyati bir ədəbiyyat yaratmalı idi. Bu ədəbiyyatı da Mirzə Fətəli yaratdı, ya da hər halda bu yeni ədəbiyyatın ilk təməl daşlarını qoymuş oldu. Mirzə Fətəli bir ədib və bir şair olmaqdan daha artıq bir cəmiyyətçi, bir əməlpərvərdi. Onu yazıçılığa təhrik edən də bədii zövqündən daha artıq ictimai məfkurələri idi. O, yazılarını bir sənət adına deyil, bəlkə ictimai məfkurəsi adına yazır və öz əsərlərindən sadə bədii bir zövq deyil, həyat və cəmiyyət üçün bir nəticə gözləyirdi. O, ədəbiyyatı öz duyğularının, öz məfkurələrinin bir tərcümanı kimi tanıyır və beləliklə köhnədən qalmış “sənət sənət üçündür”, “onu ancaq bir neçə ariflər və bilicilər anlarlar” gedişindən ayrılıb, “sənət həyat üçündür” prinsipini irəli sürürdü. O, ədəbiyyatı öz məfkurələrini həyata keçirmək və yaymaq üçün bir vasitə bilirdi. Buna görədir ki, onun əsərləri müntəzəm bir gedişlə həyatın bu və ya başqa nöqsanlarını göstərir, bu nöqsanların aradan qaldırılmasına çalışdığı yolları göstərdiyi kimi, ömründə tək-tək yazdığı şeirləri də, yenə onun əlifba və bu kimi fikirlərini həyata keçirmək üçün idi. Lakin bunların hamısına baxmayaraq, biz Mirzə Fətəlini hər şeydən artıq, yenə də bir ədib kimi tanımaq istərdik. Nə qədər ədəbiyyat onun fikirlərini yayacaq bir vasitə olmaq üzrə götürülmüş isə də, hər halda, burada Mirzə Fətəli o qədər böyük bir məharət, bir istedad göstərmişdir ki, hər şeyi geridə buraxıb, ədəbi bir sima kimi ortada qalmışdır. O, yazdığı pyeslərdə zamanının komediya yazanlarından, tanınmış rus və Avropa ədiblərindən geri qalmadığı kimi, şeirlərində Firdovsiyanə bir məharət göstərmişdir. Bəlli olduğu üzrə Mirzə Fətəlinin mühiti köhnə feodalizmin dağıldığı, yeni ticarət burjuaziyasının törətdiyi əski Şərq ənənəsinin pozulduğu, yeni Qərb mədəniyyətinin araya soxulduğu bir dövrün mücəssəməsidir. Həyatın bir tərəfi sökülür, dağılır, o biri tərəfi başqa, tam başqa və yeni bir biçimdə tikilirdi. Burada Mirzə Fətəli bir mühəndis kimi bu sökülən və tikilən binanın başı yanında durmuş, amansız qələmi ilə bura sökülməlidir, bura isə belə tikilməlidir deyir. Həm də bunların kefi bir əmrlə demir: köhnə yaşayışın bütün nöqsanlarını, yaramazlığını, yeni gedişin isə bütün faydalarını irəli sürür, anladır, qandırırdı. Hər şeydən əvvəl Mirzə Fətəlini köhnə Şərq dövlət idarəsi üsulunun tənqidçisi, monarxizmin, İran istibdad və dərəbək üsulunun amansız bir düşməni kimi görürük. O, “Vəziri-xani-Sərabi” və “Aldanmış kəvakib” adlı əsərlərində İran və onun sifətində bütün Şərqin əski feodalizm və ayrılıqda monarxizm üsuluna elə bir zərbə endirir ki, bu mənəvi zərbə Səd ibn-Vəqqasın qılıncından heç də gücsüz deyildir. O, bütün şahların və onların Vəzirlərinin nə qədər bir sərsəm, şüursuz, yaramaz adamlar olduğunu, xüsusilə, Vəzirlərin ancaq öz ciblərini doldurmaq üçün yaşadıqlarını, öz şüursuzluqlarını bir məharət sanıb fəxr etdiklərini heyrət ediləcək bir açıqlıqla ortaya çıxarır. Bunu Şah Abbasın hərbiyyə Vəziri öz nitqi ilə və İranın bütün yollarını dağıtdırıb, “əmniyyət” adına Iranı yolsuz buraxmasına fəxr etməsi ilə ortaya çıxarır. Eynilə “V ə z iri-xani-Sərabi”də xanın divan və məhkəməsi göstərilir. Verilən qərarların nə qədər yaramaz, nə qədər çürük olduğu, bütün üsulun nə qədər yaramaz olduğunu açıq-açığına araya çıxarır. O: “Kəndli sənin atının ayağını şikəst etmişdir. Sən də get onun atının ayağını sındır”. “Həkim pulları alıb, altı aydan sonra ölə biləcək xəstəni bu gün öldürən və guya “əzabdan qurtaran” həkimə bir də ölü yeyəsi mükafat verməlidir”. Budur, xanın bütün mükahiməsi! Bu sərsəm və ağılsız, şüursuz adamlar, gülünc bir məxluq kimi ortaya çıxarılan V ə z irlər, xanlar, şahlar həqiqətdə isə milyonlarla xalqın həyat və müqəddəratını əllərində saxlamışlardı. Budur, Mirzə Fətəlinin ortaya çıxardığı acınacaq həqiqət bundan ibarətdir. Buradaca Mirzə Fətəli Yusif şahın müvəqqəti hökmranlığında hakimin boynunda nə kimi vəzifələr olduğunu, xalqın nələrə ehtiyacı olduğunu göstərir. Mirzə Fətəli ruhanilərin və onların həyata soxduqları cadu və tilsim əsaslarının amansız düşmənidir. Burası hər şeydən artıq yenə də “Aldanmış kəvakib” və xüsusilə, onun “Molla İbrahim Xəlil kimyagər”, “Müsyö Jordan və Dərviş Məstəlişah” adlı əsərlərində görünə bilər. “Molla Ibrahim Xəlil kimyagər”də bütün ruhanilərin nə qədər satqın adamlar olduğunu və xalqı aldadan bir fırıldaqçıya pul ilə qulluq edib, onun, xalqı aldatmasına yardım göstərmələrini və “Dərviş Məstəlişah” da İrandan keçmiş bir çayçı şagirdinin Azərbaycanda bir alim və bir həyat hakimi kəsildiyini və biliksiz xalqı aldadıb ciblərini dolduraraq, qaçdığını açıq göstərir. Burada “Molla İbrahim Xəlil kimyagərin” Mirzə Cəlil Məmmədquluzadəyə təsirsiz qalmadığı və “Ölülər” pyesi “Kimyagər”dən təsirsiz olmadığı qeyd edilməlidir. Mirzə Fətəli qadın azadlığı mübarizidir. O, qadınların qəlbinin satılması əleyhinə, onların eşqi, məhəbbəti, mənliyinin satılmasına, zorla varlı ərlərə verilməsinə qarşı üsyan edir. Burası hər şeydən artıq “Xırs quldurbasan” adlı əsərində qeyd edilmişdir. Mirzə Fətəli feodalizmin böyük düşmənidir. “Pristav mənə deyir əkin ək; bəy oğlu da əkin əkər, ya əməklə məşğul olurmu? Guya mən sadə bir kəndliyəm ki, əkin əkim, ya da cütə gedim”. Xüsusilə, “Hacı Qara”da Mirzə Fətəli feodalizmin dağıldığını və yeni ticarət burjuaziyasının nə qədər bir hərisliklə həyata can atdığını təsvir edir. Mirzə Fətəli öz şerində yeni əlifbadan bəhs ilə onun həyata keçirilməsi üçün hakim şəxsiyyətlərə təsir etməyə çalışır. Mirzə Fətəli bir rəssamdır. O öz əsərlərində bütün həyat və mühiti doğruluqla tutur, ən mahir bir rəssamın məharəti ilə təsvir edir. * * * Səmimi sənətkara alqış! “Bəzən elə adamlar olur ki, onların yaşayış tarixini yazmaq üçün bütün bir xalqın, bir ölkənin, və ya xalq həyatında müəyyən bir məntəqənin tarixini yazmaq lazım gəlir. Yaşadıqları mühit, cəmiyyət və məntəqənin irəliyə doğru yürüməsində addımbaşı onların adı görünə bilər. Onların şəxsi həyatından ümumi həyatı ayırmaq istədikdə isə, yerdə heç bir şey qalmayır. Belə adamlardan biri də Abbas Mirzə Şərifzadədir. ...Abbas Mirzə Şərifzadə bütün teatr həyatının bir mehvəridir. Özözlüyündə həm rejissor, həm aktyor, həm də təşkilatçıdır. O, səhnənin həm oğlu, həm də atasıdır. ...Abbas Mirzə məktəb görməmiş, sənəti və onun üsullarını öyrənməmişdir. Lakin o, bir talantdır. O, öz-özünə doğulmuş bir sənətkardır. Sənət onunla bərabər doğulmuşdur. Sənət onun qanında, iliyindədir. Zatən məktəb sənətkar yetişdirməyir. O, sənətkara öz təbii istedadını genişləndirmək və əlverişli işlətməyi öyrədə bilir. Abbas Mirzədə isə həmişə ona kömək edən, onu öyrədən və doğru yola yönəldən bədii bir zövq vardır. O, bir sənətkar, yaradıcı bir talantdır. Lakin o, yalnız sənətkar olmaqla qalmayır. O, eyni zamanda bir təşkilatçı, bir mübarizəçidir. O, səhnənin künclərdə, bucaqlarda sürüklənən ayrıayrı qüvvələrini min yerdən toplamış, bir yerə quraşdırmış, bu dağınıq, sökük parçalardan güclü, mədəni bir maşın yaratmışdır. Abbas Mirzənin bu gözəllik və sənət yavrusuna uzatdığı iki əldən biri yüksək, qüvvətli bir sənətkar, birisi isə qorxmaz bir mübarizəçi, yorulmaz bir təşkilatçı əlidir. Bu uzun mübarizə yollarında Abbas Mirzə Şərifzadə nə qədər əzablar, faciələr, ağırlıqlar keçirmişdir! Yoxu var etmək, yoxdan bir səhnə yaratmaq! Abbas Mirzənin getdiyi yol belə olmuşdur. Səhnəmizin bu mübarizə yolu xalqımızın ümumi mübarizə cəbhəsinin bir qazmasıdır. Bu qazmada başçı və komandan Abbas Mirzə Şərifzadə olmuşdur. Bu cəbhə başında uyumadan vuruşmuş, çarpışmış və iyirmiillik bu şanlı mübarizə yolunu qəhrəmanlara layiq bir şərəflə keçmişdir. Lakin Abbas Mirzə bu yolda tək deyildir. İndi onun ardınca böyük bir sənət ordusu, onun köməyində böyük bir əməkçi xalq durmuşdur. Bu gəncin yürüşünə toxunmaq üçün uzadılacaq qara bir ələ minlərlə əməkçilərin birləşmiş ağır yumruğu cavab verə bilir. Bu gənc Azərbaycan dram teatrı səhnəsidir. İndi onun oynaqlığına yalnız Abbas Mirzə deyil, bütün xalqımız sevinir, ona görə də Abbas Mirzənin bugünkü iyirmiillik şanlı mübarizə və qələbə bayramı yalnız onun deyil, bütün Azərbaycan səhnəsinin bayramıdır. Yol hələ bitməmişdir və çətini irəlidədir. Abbas Mirzə Şərifzadə də vəzifə başındadır. Səmimi, sevimli sənətkarımıza alqışlar! * * * Sidqi Ruhulla (20 illik yubileyi) Türk bədii teatrı özünün ən yaxşı artistlərindən biri – Sidqi Ruhullanın 20 illik yubileyinə ciddi hazırlaşır. Sidqi Ruhulla 1890-cı ildə Buzovna kəndində dini məktəb müəllimi ailəsində anadan olmuşdur. O, ibtidai təhsilini öz atasının məktəbində alırsa da, bütün çubuq və kötək əzablarına baxmayaraq, ondan molla alınmadı. Şəhərdə təsadüfən gəldiyi teatra o bütün məhəbbəti ilə vurulur və ilk tamaşadan sonra səhnə onun həyat idealına çevrilir. O, ilk dəfə 1908-ci ildə satıcıların dərnəyində “Adı var, özü yox” pyesində kiçicik qız – Telli rolunda çıxış etmişdi. Bundan sonra həmin dərnəkdə rejissorluq edən mərhum Ərəblinski o vaxt ondakı böyük qabiliyyəti görərək, “Müsibəti-Fəxrəddin” pyesində baş rollardan birini ona tapşırır. Bu ondan etibarən Sidqi özünün bütün həyatını səhnə ilə bağlayır, sevinci də, kədəri də onunla bir olur. Bir tərəfdən Türk teatrının inkişafını gözü götürməyən çar hökumətinin əsarətinə, digər tərəfdən onun sənətini ailə üçün ləyaqətsizlik, biabırçılıq hesab edən öz dindar qohumlarının təqibinə məruz qalan Sidqi öz şəxsi əmlakını satır, günlərlə ac, sığınacaqsız qalır, bütün qohumları tərəfindən rədd edilərək vağzal və meydanlarda gecələyir. Bütün bu məhrumiyyətlər onun qərarını zəiflədə bilmir, inadla mübarizə apararaq o öz səhnə fəaliyyətində sadə Telli rolundan Yaqo (“Otello”), Frans (“Qaçaqlar”) və bu kimi nəhəng rolların ifaçısı səviyyəsinə qalxmışdır. Onun böyük xidmətlərindən biri o hesab edilməlidir ki, çarizm zorakılığının ən ağır günlərində Azərbaycanın şəhərlərini və hətta kəndlərini gəzir, onların qaranlıq həyatına teatr işığı aparırdı. O, 1913-14-cü illərdə çirkli, atılmış xalçadan pərdə düzəldərək, Zağam kəndində tamaşa göstərirdi – demək asandır. Azərbaycan hüdudu ilə kifayətlənməyib, o, Gürcüstanı, Dağıstanı, Türkmənistanı, Özbəkistanı, Tatarıstanı, Iranı və i.a. gəzərək hər yerdə dərnəklər təşkil etmiş, onlardan bəziləri indi də qalır və tamaşalar təşkil edirlər. Bütün bu 20 ildə Sidqi vəziyyətlə əlaqədar gah aktyor, gah da teatr və dərnək təşkilatçısı işləmişdir. Heç bir şübhə yoxdur ki, Azərbaycanda öz həyatının 20 ilini teatrın tərəqqisi işi uğrunda mübarizəyə həsr edən, fəhlələr, kəndlilər arasında və ən ucqar guşələrdə işləmiş öz aktyorunun əməyini qeyd etməyi bacaracaqdır. Zəhmətkeşlər öz dostlarını qiymətləndirməyi bacarırlar. * * * Teatroların repertuar məsələsi Dövlət Türk Akademik və Türk İşçi teatrolarının müttəhid bədiisiyasi şurası gələcək mövsüm, yəni 1929-30-cu il mövsümü üçün repertuar hazırlamaq işi ilə məşğuldur. Bu məsələ türk teatrolarının ən böyük məsələlərindəndir. Şübhə yoxdur ki, repertuar məsələsində ən birinci yeri original pyeslər tutur. Orijinal pyeslər teatroların canıdır. Türk teatroları original pyeslərsiz yaşaya bilməz. Teatroda ildə heç olmazsa bir original pyes oynanması onu tam mənasilə dirildir, teatroya tamaşaçılar cəlb edir və maddi cəhətcə dəxi çox əlverişli olur. Bu orijinal pyeslər, tərcümə edilən dəyərli pyeslərdən məzmunca bir qədər zəif olsa belə, səhnə cəhətcə daha müvəffəqiyyətli olur və tamaşaçıların əhvali-ruhiyyəsinə daha uyğun gəlir. Misal üçün Türk İşçisi teatrosu repertuarını alacaq olursaq, qəti olaraq göstərə bilərik ki, “Qızıl Trenlər” kimi müasir və dəyərli bir pyes, Azərbaycan həyatına uyuşdurulmuş “Zəlzələ” və yaxud “Çinar altında məhəbbət” qədər müvəffəq olmayır. Həmçinin Şillerin “Qaçaqlar” kimi klassik bir əsəri tamaşaçıya heç bir vaxt “Aydın” qədər təsir bağışlamayır. Bədii-siyasi şura bu cəhəti nəzərdə tutmalı və diqqətinin çox hissəsini orijinal pyeslərə verməlidir. Fəqət xəstə bir məsələ vardır ki orijinal pyeslərə hər nə qədər diqqət və əhəmiyyət verirsən ver, original pyeslər o qədər azdır ki, onlar ilə birillik repertuarın yarısını belə doldurmaq olmur. Bu xəstə cəhətin qabağını almaq və orijinal pyeslərin sayını artırmaq üçün Moskva teatrolarından bəzilərində pək dəyərli təcrübə yapılır. Oradakı gənc dramaturqlar və dram əsəri yazmağa həvəsi olanlar teatroların ətrafına cəlb olunur və burada dramaturqluq cəhətcə daha artıq təcrübəsi olan yoldaşlarının göstərişilə çalışaraq pyeslər yaradırlar. Bu təcrübə pək dəyərlidir və onu mütləq Türk Akademik və İşçi teatrolarında dəxi yapmalıdır. İkinci məsələ tərcümə əsərləri məsələsidir. Bu əsərlərin seçilməsi çox ehtiyatlı olmalı və yeni repertuara xüsusi diqqət verilməlidir. Artıq getdikcə simasını dəyişərək həqiqi bir sol yol tutan teatroların götürdükləri xətti-hərəkətə uyğun repertuarları olmalıdır. Əvvəlcə Türk Akademik teatrosu repertuarı haqqında! Bizcə bu teatro gələcək ildən etibarən repertuar cəhətcə bir qədər cəsarətli olmalı və yalnız köhnə klassiklərlə kifayətlənməyərək müasir əsərləri dəxi repertuara daxil etməlidir. Misal üçün, “Lyubov Yarovaya”, “Şaxtyor”, “Qorod vetrov” pyeslərini göstərmək olar. Bu pyeslərin tamaşaçılar tərəfindən qəbul edilməyəcəyindən qorxmamalı və tamaşaçıları köhnə klassiklərin “Şıltaq qız”larından daha çox bir vətənpərvər pyeslər ilə tanış etməlidir. Bunun teatrodakı “akademikliyə” heç bir zərəri yoxdur, zira yüzillik tarixi olan Moskva Malıy teatrosu belə bir addımdan geri durmamış və indi “Kreçinskinin toyu”ndan daha çox vətənpərvər əsərlər oynayır. Türk Işçi teatrosunun vəziyyəti isə tamamilə başqadır. Bu teatro müasir inqilabi əsərlərin hamısını oynayır, fəqət orijinal əsərlər cəhətcə Akademik teatrosundan daha çox axsayır. Bunun isə səbəbləri aydındır. Teatronun maddi vəziyyəti ağır olduğundan orijinal əsər yazanları lazımi qədər təmin edə bilmir. Fəqət hər iki teatro arasında pək əsassız bir prinsip vardır. Məsələn, madam ki, “Aydın” və yaxud “Sevil” pyesləri Akademik teatrosunda oynanır, Türk Işçi teatrosu bu pyeslərdən dərhal gözünü çəkir. Halbuki Türk Işçi teatrosu tamaşaların çoxunu işçi dairələrində verdiyindən və Akademik teatrosu işçi dairələrinə qətiyyən getmədiyindən, Akademik teatrosunun orijinal əsərləri Türk İşçi teatrosu tərəfindən işçi dairələrində göstərilə bilər və göstərilməlidir. Zira bu pyeslər işçilər üçün “Notrdam kilsəsi” və “Hücum” pyeslərindən daha yaxın, daha faydalıdır. Bədii-siyasi şura bu cəhətlərə xüsusi diqqət verməlidir. * * * Türk teatrı olimpiadada Türk Bədaye Teatrının ümumittifaq teatr olimpiadasında iştirak etməkdən məqsədi on il içərisində teatr sahəsində əldə edilən müvəffəqiyyətləri və təcrübələri olduqca geniş bir surətdə göstərmək, başqa teatrların fəaliyyətinə diqqət yetirmək, onların gördüyü işlərlə ətraflı surətdə tanış olaraq mənimsəmək, nöqsanları meydana çıxarmaq, aradan qaldırmaq, müvəffəqiyyətlərdən isə istifadə ilə gələcək yol təyin etməkdən ibarət idi. Olimpiadanın böyük siyasi əhəmiyyəti haqqında danışmaq belə artıqdır. Teatrın ilk çıxışı Leninqradda oldu. Şərq xalqları evində, “Kraskaya qazeta” müxbirləri klubunda, İncəsənət işçiləri evində, alman işçi teatrı və Leninqrad teatrları ilə düzələn rabitə gecələri, teatrın Putilov zavoduna getməsi və sairə böyük siyasi bir nümayiş halını aldı. Ən böyük qardaşlıq həmrəyliyi nümayişi türk-tatar teatrının, tatar, özbək, türk teatrlarının Qızıl Tatarıstan mərkəzində görüşməsi oldu. Türk Bədaye Teatrının istər Leninqrad, istərsə də Kazandakı böyük müvəffəqiyyətləri, istər Leninqrad, istərsə də Kazan mətbuatı və xüsusən teatr mətbuatı tərəfindən çox aydın göstərildi. Türk teatrı görkəmli ixtisasa malik aktyor yaradaraq, mündəricə etibarı ilə hazırkı tələblərə uyğun inqilabi türk dramaturgiyası yetişdirmiş ki, bu dramaturgiyanın ayrı-ayrı böyük səhv və nöqsanları olsa belə, hər halda, milli dramaturgiyalar sırasında birinci yerlərdən tuta bilər. Bu fikir bütün tamaşaçı, mətbuat və sairənin fikri olaraq olimpiadadakı jürinin mülahizəsində belə aydın göründü. Olimpiada nəticələri çox görkəmli və eyni halda gözlənilməyən oldu. Hər tamaşa haqqında geniş mübahisə açılır, teatrın bütün fəaliyyəti, bədii, ideoloji əhəmiyyəti, maddi imkanları müzakirə olunur, müvəffəqiyyət və nöqsanları meydana çıxarılırdı. Cabbarlının məruzəsi üzrə Türk Bədaye Teatrı fəaliyyəti haqqında mübahisələr aparıldı. Bundan sonra Dövlət Bədii Akademiyasında A.A.Tuqanov məruzədə bulundu. İstər bu mübahisələr, istərsə də jüri iclaslarında müvəffəqiyyətlərlə bərabər nöqsanlar dəxi göstərildi. Əsas müvəffəqiyyət: İxtisaslı aktyor kollektivi və Müasir inqilabi milli dramaturgiya olduğu hesab edildi. Əsas nöqsan olaraq üç məsələ irəli sürüldü və mübahisələrin çox hissəsi bu xüsusda oldu: Kadr məsələsində göstərildi ki, tamaşaya xidmət edənlər, musiqiçilər, rəssamlar və sairə kadrları lazımi surətlə hazırlanmamışdır. Bədii yaradıcılıq üsulları məsələsi haqqında göstərildi ki, teatr, tarixini keçirmiş Moskva Bədaye Teatrı yaradıcılıq üsulu üzrə gedir. Teatr hələlik naturalizm tör-töküntüsündən tamamilə azad olmamışdır. İstər tərtibat, istərsə də quruluşların sinfi mahiyyəti tamamilə aydın deyildir. Milli forma haqqında. Əgər Rustaveli adına teatrın milli forması haqqında bəzi əyintilərə yol verilərək, milli formanın incəsənəti kütlələrə yaxınlaşdırmaq və Gürcüstan əməkçiləri yaradıcılığını meydana çıxarmaq üçün bir vasitə deyil, bir məqsəd kimi istifadə olunduğu və bunun nəticəsində milli forma və yaxud daha doğrusu, milli incəsənətin millətçilik incəsənəti təmayülü göstərdiyi qeyd edildi və özbək teatrında ibtidai etnoqrafiyadan ibarət olduğu göstərildi, Azərbaycan Türk Bədaye Teatrında milli forma məsələsinə lazımi qədər fikir verilmədiyi qeyd olundu. Bu isə incəsənəti Azərbaycanın əsas işçi-kəndli kütlələrindən bir qədər ayrı salmış olur. Milli forma necə müəyyən edilməli, haradan alınmalıdır? Milli forma elə hazırlanmış və müəyyən bir şey deyildir ki, onu arzu etdikdə götürüb papaq kimi də qoymaq olsun. Milli forma papaq, don, çərkəzi paltar, xəncər və yaxud ilməli köynəklərdən ibarət olaraq qala bilməz. Onu axtarmaq və tapmaq lazımdır. Fəqət bu iş bir məqsəd deyil, bir vasitə olmalıdır. Milli formanı haradan axtarmaq olar? Onun əlamətləri istər paltarlar, istər yeriş, istər ümumi ahəng, istər hərəkətlərlə danışmaq qaydası, boyalar, nağıllar və həyatın bütün sahələrində görünərək sinfi xətt hərəkətcə təbəqələşmişdir. Burada yenə bütün iş kadr məsələsindən ibarət olur, zira yalnız yaşayışın bütün incəlikləri ilə tanış və dialektik üsul ilə silahlanmış bir rəssam bu ağır vəzifəni yerinə yetirə bilər. Fəqət bəzi yoldaşlar bu məsələni belə bir tərzdə qoymadılar. Milli forma inkişaf etdirməlidir və bu iş teatrın ən mühüm vəzifələrindəndir. Təşkilat və texniki tədbirlərdəki nöqsanlar müvəffəqiyyətlərimizi tamamilə göstərməyə yol vermədi və nəticələrə də az təsir bağışlamış oldu. Teatr olimpiadaya gedirkən lazımi qədər hazırlıq işi aparmamışdır. Əlbəttə, olimpiadanı bir yarış hesab etmək doğru olmaz. Hər olimpiada əsas etibarı ilə müvəffəqiyyətlər yoxlanışıdır. Burada xüsusi olaraq hazırlanan tamaşaları vermək, bütün onillik fəaliyyəti göstərmək lazım idi. Fəqət bunların hamısı heç olmazsa sınıq-sökük dekorların təmirinə mane ola bilməzdi. Başqa teatrlar olimpiadaya nəinki bütün heyətləri, hətta əlavə qüvvələrlə gəlmişlərdi. Gürcülər, özzbəklər və sairə özləri ilə böyük yardım heyəti, musiqi ansamblı, oxuyanlar, milli xor və sairə gətirmişdilər. Özbəklərin dram və opera teatrı da iştirak edirdi. Türk Bədaye Teatrı isə nəinki özü ilə yardım heyəti aparmamış, hətta aktyorlarının belə bir hissəsini siyahı xaricində buraxmışdı. Biz opera teatrını aparmamışdıq. Halbuki türk teatrı istər səhnə, istər musiqi heyəti, istərsə, ümumi cəhətcə böyük maraqla qarşılanan teatrların bir çoxundan geridə deyil, biləks irəlidədir. Teatrın oxuyanlar, musiqi ansamblı və Xoru yox idi. Olimpiada təşkilində belə bəzi nöqsanlar və bir qədər tələsmə hiss olunurdu. Burada mətbuat bürosu təşkil edildi, fəqət sonra buraxıldı. Milli teatrlar isə bu büroya ümid bağlayaraq özləri məlumat vermədilər. Bunun nəticəsində bəzi teatrların fəaliyyəti lazımınca aydınlaşdırılmadı. * * * Türk Bədaye Teatrı yeni yol ilə Türk Bədaye Teatrı, öz mövsümünü oktyabrın 16-da “Bomba” pyesi ilə açır. Teatrın bu mövsümü, işdə kafi bir dəyişiklik yaradılması şüarı altında başlayır. Yayda teatr Şuralar İttifaqında qastrollar vermiş və 1-ci olimpiadada iştirak etmişdir. Odur ki, teatrın yeni mövsümə hazırlaşması üçün vaxt az olmuşdur. Olimpiadanın nəticəsində teatr yeni qüvvə almış və göstərilən nöqsanları aradan qaldırmağa başlamaq istəyir. Bu arzu teatra qısa bir zamanda böyük işlər görməyə imkan vermişdir. Birinci növbədə teatrın bədii rəhbərliyi işində böyük bir dəyişiklik əmələ gətirilmişdir. Teatr naturalizmi, dərinləşmiş psixologizm qalıqlarını tamamilə aradan qaldırmağı və dialektik materializmin möhkəm qanunlarına əsaslanan sağlam proletar realizminə keçməyi qərara almışdır. Bunun nəticəsində canlı insan məsələsi, sinif nöqteyi-nəzərincə düşünülmüş insan görüşündə qəti surətdə həll edilmiş və teatr işçikəndli kütləsinin iradə və şüurunun təbliğatçı və təşkilatçısı yoluna girmiş olur. Bu il teatr türklərdən gənc rejissorları işə çəkmiş və bunlara müstəqil pyes quruluşları tapşırmışdır. Teatrda daimi işdə çalışmaq üçün 40 nəfər cəlb edilmişdir. Bunların çoxu istehsalatdan gələn gənclərdir. Bunlar teatr yanında düzələn kurslarda tərbiyə alacaq və mümkün olduqca aktyorluğa irəli çəkiləcəkdir. Beləliklə teatr müntəzəm surətdə işçiləşdiriləcəkdir. Teatrda daimi çalışmaq üçün bir gənc türk kompozitoru işə çəkilmişdir. Teatrın hərlənən səhnəsi maşınlaşdırılmış və təkmilləşdirilmişdir. Xüsusən, repertuar siyasəti sahəsində qəti işlər görülmüşdür. Teatr ideoloji (məfkurə) cəhətinin sağlam olmasına ciddi fikir veriləcəkdir. Teatrda qoyulan pyeslər dəyişdiriləcək, düzələcək, teatr məfkurə və bədii cəhətcə əlverişli repertuarla təmin olunmaq üçün dramaturqlar arasında müntəzəm iş aparılacaqdır. Teatr öz ətrafında gənc dramaturqları birləşdirmək ilə məşğul olacaq və onlara teatr ilə tanış olmaq və təlim almaq imkanı verəcəkdir. Mövzu məsələsinə gəldikdə, teatr etibarı ilə Azərbaycan işçi və kəndlilərinin sənayeləşdirmə və kollektivləşdirmə cəbhəsində, dinə, çadraya və əsgi feodal yaşayış qalıqlarına qarşı mübarizə cəbhəsində və yeni, sağlam, mədəni yaşayış uğrunda apardığı mübarizəni əks etdirəcəkdir. Bununla əlaqədar olaraq yeni pyeslər təyin və sifariş edilmişlər. (“Qara su” pyesi işçilərin neft cəbhəsində apardığı mübarizəni təsvir edir; bir də kənd təsərrüfatını yüksəltmək uğrunda mübarizəni təsvir edən pyes sifariş edilmişdir.) Teatr, bütün işlərini dəzgah işçilərindən ibarət olan teatrın bədiisiyasi şurası ilə bağlı bir surətdə aparır. Beləliklə teatr, işçi tamaşaçısının tələblərini hər bir zaman nəzərdə tuta biləcək və işçilər teatrı hər bir zaman kontrol etməyə imkan tapacaqdır. Bu yol ilə şura, işçi sinfinin iradəsinə görə teatrın işlərinə istiqamət verə biləcəkdir. Gələcəkdə teatr qarşısında böyük vəzifələr durur. Repertuar məsələsini qəti surətdə qaydaya salmaq və orijinal əsərləri artırmağa çalışmaq lazımdır. Aktyor heyətini yenidən hazırlaşdırmaq və onları siyasi və bədii cəhətcə irəlilətmək lazımdır. Teatr sənətinin bütün hissələri üçün yeni kadrlar hazırlamaq, yeni işlərdə mühüm yer tutmalıdır. Türk qadınlarının səhnəyə çəkilməsi uğrunda ciddi işlər görülməlidir. Hələ bu vaxta qədər teatra lazımi qədər türk qadını çəkilməmişdir. Səhnədə oynamağın alçaq iş olduğunu düşünənlər hələ az deyildir. Bu köhnə fikir hələ başdan çıxmamışdır. Odur ki, türk qadınını səhnəyə çəkmək işi kütləvisiyasi kampaniya halına çevrilməlidir. Əməkçi türk qadınları şura türk teatrına kömək etməli və onun inkişafında mühüm bir amil olmalıdır. İşçi tamaşaçılar ilə əlaqə məsələsi də yoluna qoyulmalıdır. Teatrın qarşısında çox böyük vəzifələr durmuşdur. Bunları bir ildə həll etmək mümkün deyildir. Lakin əhəmiyyətli cəhət orasındadır ki, teatr öz nöqsanlarını görərək, onları aradan qaldırmağa və doğru yol götürməyə başlamışdır. Odur ki, yeni mövsümün bu yolda böyük əhəmiyyəti vardır. * * * Q.Edelmanın konsertləri haqqında Demək olar ki, incəsənətin elə bir sahəsi yoxdur ki, estrada pianoçuluğu kimi özünəməxsus xüsusiyyətlərə malik olsun. Saçları hədsiz uzun olan ifaçı ehtiraslarının ilhamı altında saçlarını əsdirərək atletikcəsinə (üslünlüklə) çalmaq qabiliyyəti, ifa etdiyinin mahiyyətini üzə çıxarmaq əvəzinə sonsuz canfəşanlıqla “parıltı” dalınca qaçır, repertuarının 90 faizi akrobatik xarakterli musiqi “şaxşax”ından ibarət olması, bunların arxasınca əsl musiqi məzmununun bütöv yoxsulluğu və bunun nəticəsində virtuozçuluğun müəyyən bir qəlib kimi məqsədə çevrilməsi – budur indiyədək tanıdığımız “ideal” estrada pianoçusu. Xoşbəxtlikdən pianoçu Edelman bu xasiyyətlərə tam uyğun gəlmir, lakin yaradıcılığının bəzi məqamlarında “ideal” səviyyə ilə bərabərləşməsi bədbin meyldə özünü göstərir. Edelman müstəsna texnikaya, heyrətamiz hərtərəfliliyə və son dərəcə yüksək ustalığa malikdir. Bununla yanaşı, o bir məqsəd kimi texniki tərəfə çox qapılır və bunun nəticəsində səsin tembr əlvanlığı sozalır, səsin müəyyən ahəngdarlığı yeknəsəqləşir. Hər halda heç kəs üçün sirr deyil ki, yeknəsəq səslər royalın külli miqdarda olan tembr imkanlarını özündə itirir. Bax musiqisinin dinləyicilərə çatdırılmasında, pianoçunun özünəməxsusluğu, orqan səslənməsinin tembr bəsitliyində, fortopianino səslərinin yeknəsəqliyində özünü xüsusilə qabarıq göstərirdi. Yeri gəlmişkən proqram haqqında. Məgər dahi Baxın ecazkar musiqisini Buzoni və Qodovskininki ilə qarışdırmağa ehtiyac varmı? Axı, hədsiz uzunçuluq və akrobatik çətinliklər ilə ağırlaşmış pyeslər məlahətini itirirlər... Edelman çox gözəl ritmə malikdir! Bu yaxşıdır. Olmaz axı Şopenin “Polonez”i hərəkətin müxtəlifliyi imkanını tamamilə inkar edən və bununla birlikdə bu pyes – poemanın ümumi mənzərəsini pozan hər hansı mexaniki ritmilik əsasında qurulsun. Edelmanın piano ustalığının bu cizgisi “sadəlik” və “cəsarətlilik” adlanır. Bizcə, isə musiqidə bu sadələşdiricilik, yuxarıda dediyimiz kimi, formanın məzmundan qoparılması deməkdir. Edelman özünü Bethovenin əsərlərilə bizə təqdim edə bilmədi. Halbuki yabançı bər-bəzəkdən uzaq olan bəstəkar musiqisində dərin ifadə tərzini, temperamenti əsl musiqi mədəniyyətini göstərmək olardı. Məgər bu vaxtadək bizə Ramo-Qordovski və Bax-Buzoni məhz estrada konsertlərindənmi təqdim edilməliydi? Bizim zəmanəmiz estetizmə və əyləncəyə qapılmayan, ucuz, yalançı effektlərə yol verməyən incəsənət tələb edir. Bizə elə musiqi lazımdır ki, orada coşqun hisslər formal məqamlarda pərdələnməsin, birbaşa bizim şüurumuza təsir etsin. Edelman – fikrin dar mənasında çox yaxşı virtuozdur. Onun ifasında forma məzmunu üstələyir. O, artistdən musiqi əvəzinə artillerik atışma tələb edən eybəcər estrada ənənələrindən uzaqlaşmalıdır. Tembr ahəngdarlığı və əsasən ifa etdiyinin mahiyyətini dərinləşdirmək üzrə iş cavan, hələ yetişməmiş artisti böyük səs ustalığına çevirə bilər. * * * “Gülən adam”ın əhəmiyyəti Türk Bədaye teatrosu qarşısında duran mühüm məsələlərdən biri də türk tamaşaçılarını klassik ədəbiyyat nümayəndələri ilə tanış etməkdir. AHİŞ mədənimaarif bölməsi yanında çağırılmış teatro müşavirəsi də Türk Bədaye teatrosuna bu tanışlığı vermişdir. İngiltərə, Almaniya, Rusiya və sairə klassiklərinin, demək olar ki, bütün görüklü nümayəndələri teatronun səhnəsindən keçmişlərdir. Molyerin əsərləri ilə Fransa komediyası göstərilmişdir. “Gülən adam” pyesinin Türk Bədaye teatrosunun səhnəsində qoyulması, teatronun bu yolda apardığı işlərin gedişi və teatronun ümumi inkişaf zəncirinin bir halqasıdır. Türk aktyorunun səhnə və bədaye mədəniyyətini yüksəltmək üçün teatr tərəfindən aparılan işlər sistemində də bu quruluşun böyük əhəmiyyəti vardır. Bundan başqa mövzunun vaxtımızın istəklərinə yaxın və uyğun olması üçün tamaşaçılarda müəyyən maraq oyatmalı idi. Pyesin müvəffəqiyyətlə keçməsi bədaye şuranın fikrini doğruldub pyesi teatronun repertuarında möhkəmlətmiş oldu. * * * Türk Bədaye Teatrosunda “Hacı Qara” Öz 50 illiyini keçirmiş Azərbaycan türk teatrosu yaşayışının ilk günlərindən başlayaraq 1873-cü ilin türk dramaturqu Mirzə Fətəli Axundzadənin “Hacı Qara” pyesini öz səhnəsində görməyə alışmışdır. Günün orijinal türk pyeslərinin babası olan bu pyes başlıca olaraq 19-cu əsrin yarılarında pozulmaqda, ölməkdə olan feodalizmin boş və məqsədsiz həyatını, o biri tərəfdən də güclənməkdə olan ticarət burjuaziyasının nə qədər canlı və çevik olduğunu təbii və tünd boyalarla təsvir edir. Öz pul sandıqlarına öz allahlarından daha möhkəm səcdə edən və bir qəpik qazanc üçün hər bir alçaqlığa və hətta oğurluğa belə razı olan bütün bu xəsis tacirlər, əməyi ayıb bilən, hər bir oğurluğu, soyğunçuluğu və hər cür alçaqlığı əməkçilikdən yaxşı sanan quru bəylər, öz Quranını bir baqqalın kartof kisəsi kibi alverə qoyan mollalar və nəhayət, çar Rusiyasının bütün o uryadnik, kəndxuda və bu kibi müftəxor parazitləri, o dövrün həqiqi həyatından o qədər doğru və düzgün alınıb təsvir edilmişdir ki, tamaşaçılar vaxtilə dramaturqun iti qələmi və acı gülüşü altına salınıb rüsvay edilən və imdi keçmişin malı olub aradan qalxan bu gün bu oğrular cəmiyyətini çox aydın təsəvvür edə biliyor. Buna görədir ki, bu pyes yarım əsrdən bəri türk səhnəsində davam edib durmaqdadır. Bundan başqa bu pyes Azərbaycan türk teatrosunun nə şəkildə başlanmasının göstərilməyi üçün oyunun tarixi əhəmiyyəti vardır. Türk Bədaye teatrosunun bu pyesi öz repertuarında saxlayıb qastrol proqramına salması bundan irəli gəlir. Quruluşçu, Türk Bədaye teatrosu rejissorluğunun gənc əməkdaşı Əkbər Şəfi, dekor, paltar və qrim gənc rəssam Mustafayevindir. * * * Qızıl Tatarıstan mövzusunda məruzə Yoldaşlar, Qızıl Tatarıstanın işçi və əməkçilərinə, hazırda burada qonaq olan Özbəkistan teatrosunun əməkdaşlarına, Azərbaycan işçi və əməkçilərindən və onları təmsil edən Türk Bədaye teatrosu əməkdaşlarından atəşin salamlar. Yoldaşlar, bizim, Bakıdan çıxarkən marşrutumuza Edil boyunu və ayrılıqda Qızıl Tatarıstanın mərkəzi olan Kazan şəhərini salmağımız təsadüfi bir şey deyildir. Bu gəlişdən bizim başlıca məqsədimiz keçmişi bir, tarixi bir, dili bir olan, rus çarizminin pəncəsində bizimlə birgə əzilən, müsəlmanlığın sərt və reaksion şərtlərinin ağırlığını bizimlə birgə çəkən və nəhayət, gələcək mübarizə və mədəni yüksəliş yollarında bizimlə bir olan qardaş Tatarıstan xalqının əməkçiləri ilə görüşmək, Azərbaycanda yeni incəsənət və mədəni yüksəliş üçün açılan imkanlardan istifadə, 10 ildən bəri əldə etdiyimiz müvəffəqiyyətlər ilə tatar qardaşlarımızı tanışdırmaq və onların da bu vaxt içində mədəni cəbhədə çaldıqları qələbələri görmək və bu yol ilə arada sıxı mədəni rabitə düzəltmək və mövcud rabitəni genişləndirmək, dərinlətmək və möhkəmlətməkdir. Bu gün Qızıl Tatarıstanın mərkəzində qardaş Özbəkistan teatrosunun əməkdaşları ilə görüşümüz bizi daha artıq sevindirir. Bu gün Qızıl Tatarıstanın mərkəzində yenə üç teatronun görüşməsi tarixin, mədəni dirçəliş tarixinin sükut ilə keçə biləcəyi şey deyildir. Bu görüş ilk gündən etibarən Şərqin mədəniyyət tarixinə keçəcək və orada yeni bir səhifə açacaqdır. Bu görüşlər bu yaxınlarda olacaq Şura milli teatroları olimpiadasının bir müqəddiməsidir. Bu görüşdə biz bir-biri ilə yaxından-yaxına tanışmalı, gördüyümüz işlərə yekun vurmalı və milli teatromuzun yollarını təyin etməliyiz. * * * Hara gedir Azərkino Azərkino qədər Azərbaycanın fəhlə-kəndli kütlələrindən uzaq olan ikinci bir müəssisə yoxdur. Azərkino rəhbəri kimə istəyirsə inanıb iş tapşırır, təki o, azərbaycanlı – türk olmasın. Belə bir vəziyyətin nəticəsində Azərkino öz simasını tamamilə itirmişdir. On il ərzində o bircə nəfər belə türk operatoru yetişdirə bilməmişdir və indi yerli kadrları hər vəchlə uzaqlaşdıraraq öz işini bütünlüklə “dəvət olunmuş mütəxəssislərin” üzərində qurur. Dəvət olunmuş mütəxəssislər bir qayda olaraq zəifdirlər. Axı, heç bir təşkilat öz yaxşı işçilərini əldən buraxmaz. Buna görə də, tam əlillik və ya kino sənətində səriştəsizlik üzündən bekar qalmış işçilər dəvət olunurlar. Öz sənətlərini bilməməkdən əlavə, bu işçilər, ümumiyyətlə tanımadıqları mühitə düşdüklərinə görə daha da çaşbaş qalırlar, qısa bir müddətdə içərisində işləməli olacaqları xalqın həyatı, şəraiti ilə uyğunlaşa bilmirlər və nəticə həmişə faciəli olur. Haradansa dəvət olunmuş rejissor və aktyorlar bir neçə yüz manat pulu havayı yerə xərcləyərək çıxıb gedirlər və Azərkino həm məhsulsuz, həm də işçisiz qalır. Bu faciə Ümumittifaq İncəsənət Olimpiadasında bütün kəskinliyi ilə üzə çıxdı, burada Azərkinonun rüsvayçılığı o dərəcəyə çatdı ki, onun il ərzində bircə müstəqil film də meydana çıxara bilmədiyi məlum oldu. Azərdövlət kinonun öz işini istinasız olaraq Azərbaycana kənardan gəlmiş, hazır kadrlarla aparmaq metodu, biabırçı bir tərzdə iflasa uğramışdı və son zamanlar ağırlıq mərkəzinin yerli işçilərdən irəli sürülən qüvvələr üzərinə keçirilməsi üçün cəhdlər göstərilirdi. Lakin onun varisi olan Azərkino bu yeni (və şübhəsiz ki, daha doğru) yolu ləğv etməyi lazım bildi və nəinki yerli işçiləri cəlb etdi, əksinə, onsuz da sayca çox az olan türklərin əksəriyyətini ixtisara saldı (halhazırda Azərkinonun 125 işçisindən yalnız 15-i türkdür, onların da əksəriyyəti dülgərdir, kuryerdir və s.). “Birinci komsomolçu” filmi üzrə Azərkinonun təşkil etdiyi çəkiliş qrupu yerli qüvvələrə etinasızlıq baxımından bütün rekordları vurub keçdi. Rejissor Moskvadandır. Özü də necə. Heç vaxt, heç yerdə heç nə çəkməyib. Demək olar ki, elə bütün qalanları kimi o da Azərbaycanda ilk sınaqdan keçir. Azərkinonun rəhbərlərinə sual verəndə ki, nə üçün Siz, heç olmasa, təcrübəli, sınanmış işçiləri dəvət etmirsiniz, onlar heç sözlərinin fərqinə varmadan bildirirlər: – Gəlmirlər, yoldaş! Bir rejissor da bizə gəlmək istəmir, hamı iş başındadır. Işçilər sarıdan böhrandır. Həm də heç bir fabrika, heç nəyin xatirinə öz rejissorunu əldən buraxmır və Medvedyevi də yalnız ona görə dəvət etmək mümkün oldu ki, o, işsiz idi. Qəribədir, işçilərin çatışmadığı bir şəraitdə birdən-birə işsiz adam. Və heç bir yerdə, heç bir vaxt rejissor kimi bir film də çəkməmiş bu işçini dəvət edib, ona 100 min manatlıq iş tapşırırlar. Əslinə qalsa o, hətta rejissor deyil, rejissorlardan biri təyin olunmuşdu, baş rejissor vəzifəsi isə Frolova həvalə edilmişdi. Ümumiyyətlə, qəribə işdir. Frolov – operatordur, heç bir vaxt rejissor işi ilə məşğul olmayıb və bu barədə fikirləşmək də istəməyib. Lakin gözəl günlərin birində onu (özünün söylədiyi kimi) Azərkinonun direktorlarından biri yanına çağırıb deyir: – İvan Sergeyeviç, Siz altı aydır ki, bizdə işsiz gəzirsiniz, rejissor isə yoxdur, fabrikin tamamilə dayanması da yaxşı düşməz. Rejissorluğu qəbul edin və bir təhər işə başlayın. – Axı mən rejissor olmamışam, özü də ümumiyyətlə, həm operator, həm də rejissor işini bir yerdə apara bilmərəm. – Eybi yox, eybi yox, Ivan Sergeyeviç. Siz elə gözdən pərdə asmaq üçün özünüzü göstərin, sonra bir adam taparıq. Və Medvedyevi tapdılar. Onun haqqında isə biz artıq danışmışıq. Fabrika işləyirmiş kimi görünməlidir, kim işləyir və necə işləyir isə heç də əsas məsələ deyil, onsuz da nəticəsi hələ bir ildən sonar məlum olacaq. O vaxt isə yenə də bir şey fikirləşib taparıq. Və zavallı Ivan Sergeyeviç istər-istəməz işə başlamalı oldu. Ssenari üzərində əvvəlcə üç nəfərlik bir qrup, sonra iki nəfərlik başqa qrup işləyirdi və nəhayət, köhnə ənənəyə görə ssenariçi Vinoqradskaya dəvət olunmuşdu. Ssenari üzərində belə əsaslı surətdə iş apardıqdan sonra “Birinci komsomolsu” filminin çəkilişinə başladılar. Üç ay yarım müddətində filmin 90 faizini çəkdilər və birdən dayandılar. Necə deyərlər, lövbər saldılar. Nə olub? Sən demə, ssenari üzərində üç qrup və hətta məşhur ssenariçi işlədiyinə baxmayaraq, onda bəzi yanlışlıqlar aşkar olunub. Birincisi, bu üç qrupun heç birində bir nəfər də türkün olmaması belə bir nəticəyə gətirib çıxartdı ki, ssenarini təsadüfənmi, ya qəsdənmi oxuyan elə ilk türk, dəqiq desək, Əli Məmmədov türk qadınını ssenaridə nəzərdə tutulan şəkildə çəkməyi “qadağan etdi”. Filmin quruluşçuları beləcə də bildirdilər. Bu birinci dəfə deyil. Bu eyni bir prinsipial səhvin bəlkə artıq onlarla dəfə təkrarıdır. Məsələ burasındadır ki, Azərkino yerli qüvvələrdən ssenari hazırlamaq üzərində işləmir və yalnız dəvət olunanlara ümid bağlayır, onlar isə yerli həyatla tanış olmadıqlarından türk kişisi və ya qadını haqqında hər cür uydurmalar yazırlar, sonra da ssenarini oxuyan elə ilk türk buna etiraz edir və hər şey alt-üst olur. “Gilan qızı” ilə də eyni hal baş vermişdi. Burada da elə ağlasığmaz cəfəngiyat yazmışdılar ki, sonra heç cürə vəziyyətdən çıxa bilmirdilər. O vaxt məsələ, gərək ki, yoldaş R. Axundovun müdaxiləsi ilə həll olundu. Elə həmin səhv, eynilə “Birinci komsomolçu” filmində də təkrar olundu. Bundan başqa, ümumiyyətlə, filmin ideoloji baxımdan heç bir tələbə cavab vermədiyi məlum oldu. İşi bir aydan artıq müddətə dayandırmaq lazım gəldi. On-on beş adam dövlətli dayının cibindən rahatca pul alaraq özləri üçün boş-bekar gəzirdi. Ssenari üzərində isə yenidən başqa bir qrup işləməyə başladı. Və nəticədə üç ay yarıma çəkilmiş bütün materialın güc-bəla ilə 35 faizini saxlamaq mümkün oldu, qalanı isə zibil qabına getdi. İşə yenidən girişdilər, sonra nə olacaq, məlum deyil. Rejissora gəldikdə isə o belə deyir: – Məni gözdən pərdə asmaq, vəziyyətdən çıxmaq xatirinə qoyublar. Və mən də bu rejissor rolundan rəsmən imtina etməsəm də, əslində rejissor kimi işləmirəm və mənim bütün işim haqq-hesablara qol çəkməkdən ibarətdir. Bəs, eyni bir səhvin təkrar edilməsi, yeni mühitlə tanış olmayan işçilərin, rejissorların, ssenaristlərin və başqalarının dəvət olunması, yerli qüvvələrə etinasızlıq göstərilməsi nəticəsində on minlərlə manatın havaya sovrulmasına görə kim cavab verməlidir. Hazırda Azərkino öz işini kökündən dəyişmək və türk işçilərinə müraciət edərək türk həyatı, mühiti ilə tanış olmayan, işçilərdən yaxa qurtarmaq əvəzinə, tamamilə başqa bir istiqamət götürmüşdür, yəni öz iş sistemində elə dəyişikliklər etmişdir ki, indi Rusiya, rus kəndlilərinin həyatından filmlər çəkməyə cəhd göstərir. Əgər türk olmayan işçilər türk həyatını çəkə bilmirlərsə, çəkməsinlər, heç bu işə girişmək də lazım deyil. Azərkinonun işçilərinə tanış olan həyatdan, yəni rus həyatından çəkmək olar. Qeyri-adi məktəbdir, qəribə ixtiradır. Azərkino həmişəlik olaraq özünü və öz işçilərini bu lənətə gəlmiş, tanış olmayan, bütün başqa kino təşkilatlarının fəaliyyət dairəsindən kənarda qalan Azərbaycan, türk həyatını, türk fəhlə və kəndlilərin quruculuq işlərini və nailiyyətlərini əks etdirmək əzabından qurtarmaq yollarını arayıb tapdı və məsələni həll etdi. Aydındır ki, bütün kino təşkilatları başlıca olaraq içərisində işlədikləri zəhmətkeşlərin həyat və mübarizəsini əks etdirirlər. Türk fəhlə və kəndliləri Azərkinonun öhdəsində qalır. Lakin Azərkino bu vəzifənin öhdəsindən gələ bilmir, çünki onun türk işçiləri yoxdur, türkləri işə cəlb etmək istəmir və asan bir yola üz tutaraq öz işini işçilərinə tanış olan həyatın əks edilməsinə yönəldir. Bax, elə buna görə də “Birinci komsomolçu”nun yaradıcılıq heyətində iki nəfər istisna olarsa, türk yoxdur, “rejissor” (o da kino sənətində işçilərin çatışmadığı bir şəraitdə işsiz qaldığına görə bizə gəlməyə razı olan yeganə adamdır) burada ilk dəfə olaraq assisentlikdən əvvəlcə rejissorlardan biri vəzifəsinə irəli çəkilmiş, filmi korladıqdan və üç aylıq işi puç etdikdən sonra isə qısa olsun deyə, sadəcə olaraq, rejissor adlanmağa başlamışdır. Lakin aktyorlar da Leninqraddan, Odessadan, Azərbaycan və Bakıdan başqa Rusiyanın hər bir yerindən dəvət olunublar. Çəkilişə hazırlanan “Rusiya məhv oldu” filmində isə, hətta bir nəfər bakılının cəlb edilməsinə baxmayaraq, rahatlıq və asanlıq naminə türk həyatından da, kəndindən də imtina edilib. Əlbəttə, heç bir eybi yoxdur ki, o da yerli həyatı bilmir və türk deyil (axı onsuz da film Nijeqorod həyatındandır), narazılıq doğuran yalnız odur ki, onun heç vaxt, heç yerdə kino ilə heç bir əlaqəsi olmayıb və Azərkino bu işə yarayan türklərin olmaması üzündən onu tədricən rejissorluğa hazırlamağı lazım bilib. Biz bəlkə də susmağı daha münasib sayardıq və hələ bir on il də gözləyərdik, görək nə vaxt Azərkinonun yeni rəhbərləri (baxmayaraq ki, onların kifayət qədər yaşı var) nəhayət bu sadə həqiqəti başa düşəcəklər ki, bir illiyə və ya bir çəkilişə dəvət olunan qeyri-türk mütəxəssislər türk həyatını bilmədiklərinə görə bu həyatdan film çəkə bilməzlər və nə “Birinci komsomolçu”, nə də “Rusiya məhv oldu” haqqında yazmazdıq. Qoy bir neçə yüz min manat da Azərkinonun toyuq korluğu ucbatından puç olsun. Axı, indiyədək yüz minlərlə (bəlkə milyonlarla) manat pul itib-batıb və ortada da heç bir az-çox layiqli məhsul yoxdur. Lakin, bizi bir şey narahat edir. Azərbaycan kino sənətini mənəvi və təşkilati iflas faktı qarşısında qoyaraq, onu ümumiyyətlə məhv edən bu prinsipial səhvin bütövlüklə təkrar olunması təhlükəsi qalmaqdadır. Bu yaxınlarda Moskvada keçirilən kino müşavirəsinin nəticəsində yeni iş planı tərtib olunmuşdur. Bu plana əsasən Bakıda və Azərbaycanın başqa yerlərində bir neçə kinematoqrafiya və yeni kinofabrika tikiləcəkdir. Bunu, əlbəttə, alqışlamaq lazımdır. Lakin əgər indiki kimi, bu kinofabrikanın da öz işçiləri olmayacaqsa və müxtəlif kinoekspedisiyalar üçün karvansaraya çevriləcəksə, o nəyə gərəkdir? Düzdür, planda hər il Azərkinonun əməkdaşlarının sayının artması nəzərdə tutulub. Lakin burada türklərin cəlb edilməsi barədə bir kəlmə də deyilmir. Işçilərin dəvət olunması ifadəsinin Azərkino rəhbərlərinin leksikonunda hansı mənanı verdiyini isə biz öz acı təcrübəmizdən çox yaxşı bilirik. Belə ki, ya tamamilə qocalıb iş qabiliyyətlərini itirmiş adamlar, ya da təzəcə işə başlayan və hələ uzunmüddətli təhsilə və təcrübəyə ehtiyacları olan gənclər – elə məhz bu səbəblərə görə boş qalmış və başqa heç bir kino təşkilatı tərəfindən qəbul edilməmiş, ən müxtəlif çeşidli keçici elementlər dəvət olunurlar. Birincilər bir müddət maaş alaraq başlarını girləyirlər və nəhayət, heç bir iş görmədən çıxıb gedirlər. İkincilər də bizdə müəyyən təcrübə keçdikdən sonra işləmək üçün öz yerlərinə qayıdırlar. Azərkino isə yenə də işçisiz qalır. Biz həmişə Azərkinonu “hazır işçiləri” dəvət etmək sistemindən əl çəkməyə, ciddi surətdə yerli işçilərdən gənc kadrların yetişdirilməsinə və hazırlanmasına başlamağa, “xaricdən” yalnız yaxşı və təcrübəli işçilər dəvət etməyə, özü də onları tanımadıqları mühitə düşdüklərinə görə məhsuldar işləyə bilmədikləri istehsalatda deyil, yerli kadrların hazırlanmasında istifadə etməyə çağırmışıq. Lakin Azərkinonun rəhbərləri bundan inadla imtina edərək QTK-nı təzəcə bitirmiş və heç bir istehsalat təcrübəsi keçməyən və sonradan məlum olduğu kimi, aparatı qurmağı belə bacarmayan adamlara iş verirdilər. Hal-hazırda bu xətt bütövlüklə davam etdirilir, yerli kadrlar işdən mümkün qədər uzaq saxlanılır. Üç-dörd ay əvvəl mətbəə çapçıları irəli çəkmək məqsədi ilə kinofabrikaya bir mürəttib – yoldaş Məmmədovu göndərmişdilər. Yoldaş Məmmədov fabrikadakı işi haqqında bax belə söyləyir: – Bircə onu bilirəm ki, hər gün dəhlizdə, bufetdə otururam, çay içirəm, nərd, şaşki, şahmat oynayıram. Heç kim mənə bir iş tapşırmır, lakin elə adamlar var ki, məndən sonra gəliblər və təyinat alıblar. Yalnız bir neçə gün bundan əvvəl, fabrikdə üç aylıq boş veyillənməkdən sonra, mən müdiriyyətə getdim və tələb etdim ki, məni hər hansı bir işə təyin etsinlər, ya da geriyə “Qırmızı Şərq” mətbəəsinə göndərsinlər. Bundan sonra mənə dedilər ki, məni “Birinci komsomolçu” qruppasına təyin edirlər, lakin nə vaxt, hansı ixtisas üzrə, nə vəzifəyə yenə də bilmirəm və şaşki, nərd oynamaqda davam edirəm. Azərkinonun rəhbərlərinə sual verəndə: nə üçün Sizdə, fabrikin nəzdində yerləşən mətbəədə dörd mürəttibdən (özü də onların ikisi yenicə işə götürülüb) biri də türk deyil və türk yazıları bu dili bilməyənlər tərəfindən elə təhrif olunur ki, “gözəl qızlar” – “gözəl qozlar” kimi yazılır, onlar cavab verirlər ki, türk mürəttibləri yoxdur, burada isə türk mürəttibi özü üçün gəzir və nərd oynayır. Soruşanda ki, nə üçün Sizdə türk qadını rolunda türk qadını çəkilmir, dedilər türk qadınları yoxdur. Lakin elə buradaca, fabrikdə türk qadını Orucova (Azərkinonun türk olmayan 125 işçisinin içərisində həmin 8-9 türkdən biri, gözəl aktrisa) makinaçı işləyir. Kişi rollarına aktyorlar nə üçün Moskvadan, Leninqraddan, Xarkovdan dəvət olunur sualına isə heç kəs aydın cavab verə bilmir və direktor rejissorun, rejissor operatorun, operator rejissorun üstünə yıxır və s. i.a. Biz artıq istehsalatdan irəli çəkilmiş yeni kadrların yalnız nərd oynamaqla məşğul olduqları haqda, bəzi QTK məzunlarının aparatı belə qura bilmədikləri haqda danışmışdıq. Və bunlara əlavə etmək lazımdır ki, bütün bu keçmiş acı təcrübə Azərkino rəhbərləri üçün kifayət deyil. İndi əhvalat təkrar olunur. Yeni planın həyata keçirilməsi üçün 6 nəfər QTK-ni bitirmiş adam gətirilib. Bizə təcrübəli işçilər, müəllimlər lazımdır. Bu yoldaşlar isə hələ özləri çox cavandırlar və təcrübəyə, təhsilə ehtiyacları var. Əgər Azərkinonun gələcəkdə sayca artması da eyni yol ilə getsə (o isə, bütün əlamətlərə görə, məhz belə gedəcək), şübhə ola bilməz ki, müəyyən vaxtdan sonra biz Azərkinonun yeni, lakin bu dəfə daha kəskin və daha başa gələn uğursuzluğundan və dağılmasının şahidi olacağıq. Bu yaxınlarda keçirilən Olimpiada təcili müalicəyə ehtiyacı olan bir çox yaraların üzünü açdı. Olimpiadanın nəticələri istər teatr, istərsə də kinoda, başlıcası isə Azərkinonun iş sisteminin özündə əsaslı dönüş yaratmalıdır. Azərkinonun öz siması yoxdur. O, özünün şəxsi yaradıcılıq simasını tapmalıdır. Olimpiadanın yekun iclasında F.Kon deyirdi ki, hər şeydən çox ondan ehtiyat etmək lazımdır ki, milli tamaşalar milli dillərə tərcümə edilmiş rus tamaşaları olmasın, “Mənim şübhələrim doğrulmadı, çünki milli teatrlar “incəsənəti kütlələrə” şüarını düzgün başa düşərək, milli formaları və motivləri proletarçı məzmunla doldurdular...” Teatr haqqında deyilən bütün bu sözlər bütövlüklə milli kinoya da şamil edilə bilər. Yoldaş Feliks Konun fikrini inkişaf etdirərək yoldaş Zaqarski haqlı olaraq qeyd edir: “Bu – əsasdır: İncəsənəti – kütlələrə”. “Anzor” ona görə əla tamaşa deyil ki, Tiflis teatrı Vs.İvanovun pyesini rus dilinə tərcümə edərək elə priyomlar axtarıb tapıb ki, onların quruluşu I MXT-ın tamaşasından daha gözəl və istedadlı çıxıb. Bəlkə də həmin tamaşanı gürcü dilində E.Piskator və ya Vs.Meyerxold qoysa idi, bir qədər də cazibəli çıxardı. Lakin bu halda o əsl gürcü tamaşası olardımı? Başqırd Dövlət teatrı Maqodaveyin quruluşunda “Quzu bulağı”nı göstərdi və burada dildən başqa milli heç nə yox idi. Lakin Belorusiya teatrında Rafalskinin qoyduğu həmin pyes spesifik yəhudi teatrının bütün fərqləndirici əlamətlərini özündə cəmləşdirən parlaq nümunə sayıla bilər. Bəs məsələ nədədir? Məsələ ondadır ki, Feliks Kon milli formada xüsusi məhəbbət bəslədiyinə görə həyəcanlanmırdı, bu həyəcanın səbəbi o idi ki, yalnız həmin milli formalar vasitəsilə əsərin məzmununu ən geniş milli tamaşaçı kütlələrinə çatdırmaq olar... Yalnız kütlələr daxilində və yalnız kütlələrin əliylə həyatın bütün sahələrində tarixi hərəkətə gətirmək olar. “Anzor”, əgər onu gürcü fəhlə və kəndlisi başa düşməsəydi və o bu fəhlə və kəndlinin teatr duyumundan uzaq olsaydı, bir qəpiyə də dəyməzdi: “Literaturnaya qazeta”, 20 iyun 1930-cu il, № 30 (67)). Bütün bunlar tamamilə haqlı olaraq incəsənətin xüsusi bir növü olan və fəaliyyət göstərdiyi milli respublikanın zəhmətkeş kütlələrinin yaradıcılıq məhsulu olan kinoya da aid edilə bilər. Azərkinonun yeganə xilas yolu – başlıca olaraq xidmət etdikləri Azərbaycanın zəhmətkeş kütlələrinə inamsızlıqdan imtina etməsində və bu əsas kütlənin yaradıcılıq iradəsini və təbiətin özünün bütün işi üçün bazis seçməsindədir. Bizim kinofabrikanın qapılarını açmaq və oraya bu canlı yaradıcı kütləni buraxmaq lazımdır. Yalnız o, Azərbaycan kinosunun əsl simasını müəyyənləşdirməyə qadirdir. Bütün qalanlar isə yapmadır, sünidir, surroqatdır, inandırıcı deyil və deməli, bir qəpiyə də dəyməz və məhvə məhkumdur. Başqa kino təşkilatları belə işləyir və bizimki də belə işləməlidir. Bizim kinomuzun rəhbərləri bunu nə qədər tez dərk etsə, o qədər yaxşı olar. Və əgər yenə inadkarlıq etmək fikrinə düşsələr, çox güman ki, bu dəfə bu onların özləri üçün pis qurtaracaq. Biz isə indi xəbərdarlıq edirik, bizim kino yanlış yol ilə məhvə doğru gedir. * * * Ağac aktyorlar Hazırda Şuralar İttifaqının teatr aləmində geniş intişar tapmış yeni sahəsi varsa, o da kukla teatrıdır. Əsas etibarı ilə bu yeni bir sahə deyildir. Bu teatrın kökü çox dərindir və bunun böyük bir tarixi vardır. 1904-cü ildə Misirdə həfriyyat yapılarkən devrimizdən XVI əsr əvvələ aid ən köhnə kukla aktyorları tapılmışdır. Gərək Şərqdə və gərəksə Qərbdə kukla teatrı böyük şöhrət qazanmışdır. Hindistanda bu teatr öz qəhrəmanı Bikuşak, Rusiyada – Petruşka, Çində – Kvo, Yaponiyada – Ninka-Pukay, Türkiyədə – Karagöz, İtaliyada – Fülçinello, Fransada – Polişinel, Almaniyada – Hansvuri-Kasperlə, İngiltərədə – Teatr-Pancer, İranda – Kangal Pəhləvan, Türküstanda – PəhləvanKeçəl və sair ölkələrdə başqa adlarla çıxışda bulunurlar. Heç bir teatrın kukla teatrı qədər tam, kütləvi xalq teatrı olması üçün böyük üstünlüyü yoxdur. Bu keyfiyyətə ən əvvəl teatrın çox yığcamlığı və yüngüllüyü yardım göstərir. Bu teatrın bütün aktyorlar dəstəsi bir kisəyə və ya bir çamadana yerləşir, istər xüsusi teatr sahələrində və istərsə hər cür meydanda, məktəb sinfində, klub binalarında və sair məhəllələrdə tamaşa verilə bilər. İştə buna görə də haman teatr köhnə zamandan bəri xalqın fikrini və zalimlər – istismarçılar əleyhinə protestini ifadə edən vasitələrdən biri olmuşdur. Keşişlər, mollalar, sultanlar, şahlar, saray xadimləri, tacirlər, zənginlər və sair bu kimi ünsürlər Karagöz, Petruşka, Pəhləvan-Keçəlin ənənəvi zonasını az dadmamışlar. Teatrın bu sifəti bütün ölkələrdə nüfuz qazanmasına səbəb olmuş və indi də xarici ölkələrdə kukla teatrı, bir təbliğat silahı olaraq geniş surətdə tətbiq edilməkdədir. Bu teatrın nə dərəcədə intişar tapdığını buradan görmək olar ki, tək Çexoslovakiyada 1000-dək xalq kukla teatrı, məktəb və maarif cəmiyyətlərində 290-dək və ailələrdə həddən ziyada kukla teatrı vardır. Yaponiyada kukla teatrı çox təkmilləşdirilmişdir. Burada NinkaPukay kuklası insanın dörddə üç hissəsi böyüklüyündədir və bu kukla cürbəcür mürəkkəb mexanizm vasitəsilə canlı aktyorlara bənzədilir. Şübhəsiz ki, biz kütləvi təbliğatda böyük əhəmiyyətli silahlardan olan kukla teatrına diqqət yetirməyə bilmərik. Biz kukla teatrından geniş istifadə olunması üçün əlimizdən gələn tədbirləri görməliyik. Teatrın yüngül və yığcamlığı xassəsi, onun bütün işçi dairələrində, ümumi mənzillərdə, bütün məktəblərdə və xüsusi kəndlərdə faydalı və əvəz edilməyəcək yardımçı olmasını təmin edir. Indi Rusiyada, Leninqrad İşçi-Gənclər Teatrında, Moskvada Gənc Tamaşaçılar Teatrında və sair şəhərlərdə kukla teatrı vardır. Azərbaycanda bu işə indicə başlanmışdır. Türk Bədaye teatrının aktyorlarından Bəbirli yoldaş kukla aktyorları düzəltmişdir. Bu “aktyorlar” bərk ağacdan olub çox sənətkaranə işlənmişdir. Bunlar son dərəcə mütəhərrik olmaqla bərabər, mənalı sifətləri vardır. Bizcə, əlaqədar təşkilatlar bu işin əhəmiyyətini nəzərə alaraq, Azərbaycanda bu kimi teatr pionerlərinə lazımi yardım göstərsələr, teatrı inqilabi faydalı repertuarla təmin etmək üçün tədbirlər görülər, teatr səhnələrində və klub meydançalarında, işçi-gənclər və çocuqlar teatrda və məktəblərdə tamaşa göstərmək üçün ona yer verilər. Ən əvvəl bu işə Türk Bədaye teatrı lazımi yardım göstərməli, “ağac aktyorlar”ı hamiliyi altına almalı, öz aktyoruna kömək və adi inkişafını təmin etməlidir. Ali Baş Siyasi Maarif Idarəsi, Bakı Maarif şöbəsi və sair əlaqədar müəssisələr bu işə lazımi diqqət yetirməli, yeni teatrı ayağa qaldıraraq onu canlı, kütləvi təbliğattəşviqat silahı etməlidirlər. * * * Taxta aktyorlara geniş yol verməli Bəbirli yoldaşın kukla teatrına kömək münasibətilə. Son zamanda Şuralar Ittifaqında teatr sənətinin yeni bir hissəsi geniş meydan açmağa başlamışdır. O da kukla (oyuncaq) teatrıdır. Əsasən, bu teatr yeni deyildir. Bu teatrın qədim bir tarixi vardır. Taxta aktyorlardan ibarət teatr həmən bütün məmləkətlərdə qədimdən bəri davam etməkdədir. 1904-cü ildə Misirdə aparılan qazıntılar əsnasında miladdan 16 əsr əvvələ aid kukla truppası tapılmışdır. Ən çox kukla teatrı Şərqdə və Qərbdə məşhurdur. Hindistanda bu teatr qəhrəman Vyubuşaq adını, Rusiyada Petruşka, Çində – Kvo, Yaponiyada – Ninigs Çükay, Türkiyədə Qaragöz, İtaliyada Pulçinello, Fransada – Polişinel, Almaniyada – Hansvurts, Kasperle, İngiltərədə – Panqer teatrı, İranda – Kaçal Pəhləvan, Türküstanda – Pəhləvani Keçəl, Tunisdə – Qaraquş adını daşımışdır. Bu vaxta qədər heç bir teatr kukla teatrı kimi xalq arasında məşhur olmamış və kütləvi şəkil almamışdır. Çünki bu teatr yüngül olduğundan asancasına hər yerə daşına bilər. Onun aktyorları taxtalardan qayırma və xırda olduğundan bir çamadana və ya kisəyə yerləşər. Bu teatrın tamaşasını hər yerdə: meydançada, məktəbdə, klub binalarında və başqa yerlərdə göstərmək olar. Bu teatr qədimdən bəri xalqın və əməkçi kütləsinin malı olduğundan, həmişə onun fikirlərini ifadə etmiş, zalım və istismarçılara qarşı protesto etmişdi. Qaragözlərin, Petruşkaların, Keçəl Pəhləvanların gülünc hala saldığı mollaların, keşişlərin, şahların, sultanların və çarların, saray adamlarının, tacirlərin və varlıların sayı az deyildir. Hazırda bu teatr yenə canlanmaqdadır. Gərək bizdə və gərəksə xarici ölkələrdə bu teatrlardan təbliğat aləti kimi ciddi istifadə olunur. Yalnız kiçik Çexoslovakiyada 1000-ə qədər xalq kukla teatrı vardır. Bundan əlavə məktəblər və maarif cəmiyyətləri yanında 200-ə qədər kukla teatrı tamaşa vermişdir. Bu göstərir ki, kukla teatrından necə geniş miqyasda istifadə olunur. Kukla teatrı Yaponiyada çox irəli getmişdir. Burada kuklalar insanın üçdə dörd hissəsi boydadır. Müxtəlif mexanizm ilə bu taxta aktyorlar canlı aktyorlar kimi oynayırlar. Şuralar ölkəsində dəxi kukla teatrına çox ciddi əhəmiyyət verilir. Hazırda Leninqrad İşçi Gənclər Teatrı və Moskvada Çocuq Tamaşaçıları Teatrı yanında kukla teatrları vardır. Bu vaxta qədər Azərbaycanda belə bir şey yox idi. İndi bu işə iqdam olunmuşdur. Türk Bədaye Teatrının gənc atkyorlarından Bəbirli yoldaş bir kukla teatrı truppası düzəltmişdir. Bu taxta aktyorlar çox ciddi, həvəslə və ustacasına qayrılmışdır. Bu, aktyorlar olduqca çevik hərəkət edə bilirlər. Bu teatrın yalnız Bakıda deyil, bütün Azərbaycan dairə və kəndlərində böyük müvəffəqiyyət qazanacağı şübhəsizdir. Firqə və hökumətimizin tapşırıqlarını təbliğ etmək və siyasətimizi kütlə içərisində yaymaq işində bu kimi teatrların böyük rol oynayacağını kimsə inkar edə bilməz. Bu yaxşı işə ciddi kömək etmək və bu işi canlandırmaq lazımdır. Bu teatrı qüvvətləndirmək, repertuarını canlandırmaq və artırmaq ilə ona teatrlarda və klublarda çıxışda bulunmaq üçün imkan vermək lazımdır. Birinci növbədə, Türk Bədaye Teatrı müdiriyyəti və kollektivi öz aktyorunun bu faydalı təşəbbüsünə kömək etməli və onu öz hamiliyinə almalıdır. Ali Siyasi Maarif Idarəsi, Bakı Xalq Maarif Şöbəsi bu işə fikir verməli və təşviqat məqsədi ilə istifadə etməlidir. * * * Əməkçi qadınlar, səhnəmiz sizi gözləyir Dövlət Bədaye teatrı yanında açılmış studiyaya giriniz. Hazırkı dövrdə türk Azərbaycan teatrının artmasına və inkişaf etməsinə əngəl törədən səbəblərdən ən böyüyü lazımınca türk aktrisalarının olmamasıdır. İnqilabdan sonra səhnəyə bir çox türk qadınlarının gəldiyini kimsə inkar edə bilməz. Lakin bunlar çox azdır. Bunlar səhnəmizi ağır vəziyyətdən qurtara bilməz. Türk qadınları çadradan və mətbəxdən azad olaraq mədəniyyətin bütün sahələrinə atılmaqdadır. Onlar səhnəmizdə aktiv iştirak etməkdədirlər. Yazılan pyeslərimizdə bir neçə məsul qadın rolu olanda rejissorlarımız başlarına döyməyə məcbur olurdular. Hazırda azad türk qadınlarının yüzlərcə və minlərcə istehsalata, fabrikə və zavodlara, kooperativə getdiyi bir zamanda səhnəyə gəlməməsi ilk baxışda çox təəccüblü görünür. Lakin onun səbəbləri vardır. Əvvəla, keçmiş meşşan zərbəsi və dini mövhumat nəticəsi olaraq səhnədə çalışmaq alçaq və günah bir iş hesab olunurdu. Odur ki, çoxu öz qızını, arvadını və bacısını səhnəyə həvəslə buraxmırdı. Hətta bəziləri öz arvadlarını teatra tamaşaçı kimi olaraq belə aparmaq istəmirdilər. Lakin belə hadisələr nisbətən çox azdır. Teatr artıq kütlə içərisində mühüm bir yer tutmağa başlamışdır. İndi bunları səhnəyə çəkmək üçün qəti bir addım atmaq lazımdır. Yayılan yalan şayiələrə görə türk teatrı səhnəsində türk qadınları üçün çalışmaq mümkün deyildir. Bunun üçün şərait yoxdur. Aktyorlarımız guya lazımınca tərbiyəli deyillər. Bu, bir tərəfdən. Digər tərəfdən özləri qadınların səhnəyə gəlməsinə çox rəsmi yanaşırlar. Hələ bir çox yoldaşlarımız qadınların səhnəyə gəlməsinin əhəmiyyətini anlamırlar. Bu məsələnin siyasi bir məsələ olduğunu düşünmürlər. Indi bu məsələni ciddi bir surətdə müzakirəyə qoymaq lazımdır. Dairə (rayon) klublarına çəkilən qadınları səhnəyə alışdırmalı, qızların teatr texnikumuna çəkilməsi üçün təlimat hazırlamalı, səhnəyə çəkilən qadınlar maddi cəhətcə yaxşı təmin olunmalıdırlar. Hazırda Bədaye teatrı bu sahədə birinci addım atmışdır. Teatrda bir studiya düzəldilmişdir. Bu studiya gənc aktyorlar və gənc qızları yetişdirəcəkdir. Qəbul edilənlər içərisində türk qızlarına artıq fikir veriləcəkdir. Qızlarımız teatrın bu çağırışına cavab verməli və səhnədə onun üçün ayrılan boş yeri tutmalıdır. * * * Səhnədə qadın Keçmişdə Azərbaycan səhnəsi qadını heç xəyalına belə gətirə bilməzdi. Odur ki, Azərbaycan səhnəsinin “ilk aktrisaları” kişilərdən ibarət idi. Ağdamski Əhməd, Süheyli və səhnəyə yeni gələnlərin çoxusu öz aktyorluq fəaliyyətini qadın rolundan başlamışdılar. Səhnədə kişi rolunu oynayan aktyor, burjuaziya cəmiyyəti tərəfindən təhqir və istehzaya uğradığı halda, qadın rolunda çıxan bu kişilərin vəziyyəti nə halda olardı? Bunlara qız vermir, az-çox “nəciblər” içərisinə buraxmırdılar. Səhnədə qadın yox idi, “Böyük Məhəmməd” – belə tələb etmiş idi. Səhnə isə qadın tələb edirdi. Aktrisalar seçilmək üzrə deyil, arzu üzrə, istedad üzrə deyil, dil bilmələri üzrə səhnəyə çıxırdılar... 1908-ci ildən başlayaraq aktrisa Mislavskaya, Mixayılova, Kuznetsova və Lizina səhnəyə çıxırlar. Tanaylidi, Lizina indiyədək Azərbaycan səhnəsində işləməkdə davam etməklə get-gedə yeni və gözəl obrazlar yaradırlar. 1913-cü ildə Y.N.Olenskaya səhnəyə çıxmışdır. 1919-cu ildən başlayaraq teatr artıq istedadlı aktrisalar əldə etməyə müvəffəq olur. Bunlardan başqa Azərbaycan İşçi Teatrı səhnəsində istedadlı aktrisa Məxfurə Xanım və müxtəlif sahələrdə Münirə, Lalə çalışmışlardır. Azərbaycan teatrının tarixi Azərbaycan səhnəsinin bu əməkdaşlarını hər vaxt sevinclə yad edəcəkdir. Aprel inqilabı çadranı yırtdı, Məhəmməd dini həbsxanasının divarları uçuruldu, pədərşahı dəhşətinin dumanları dağıdıldı və bu duman içərisindən Azərbaycan teatrı səhnəsinə ilk dəfə çıxan Azərbaycan qadını Sona, Mərziyə, Əzizə və başqalarının gülümsər üzü göründü. Bunların ardınca başqaları gəldilər. İndi, Azərbaycan Dövlət Dram Teatrının 10 illiyində teatrın aktivi içərisində 15 azərbaycanlı aktrisa vardır. Ümumiyyətlə, sarayların, klubların səhnələrində aktrisa olan Azərbaycan qadınlarının miqdarı yüzdən çoxdur. Bunlar böyük talantlar irəli sürə bilmişlər. Mərziyə Xanım artıq yetişmiş yaradıcı sənətkardır. Mərziyə Xanım Sevil, Gültəkin, Dezdemona kimi rollarda öz məharətini göstərə bilmişdir. Mərziyə Xanım 16-cı ildə Astraxanda səhnəyə çıxaraq, 20-ci ildən sonra Azərbaycanda inkişaf etmişdirsə, Əzizə Xanım səhnəyə bilavasitə çadra içərisindən gəlmişdir. Azərbaycan qadınlarının həyatını (ziyalıların və savadsız evdar qadınların) yaxşı bildiyinə görə fiquranı doğru təsvir edir və hər bir yeni obrazı canlı bir tip kimi göstərir. Azərbaycan qadınlarının gənc kollektivi içərisindən irəli çəkilmiş bir qüvvətli fiqura da aktrisa Sona Xanımdır. Sona Xanım öz anası Əzizə Xanımla teatra çocuq ikən gəlmişdir. Anasının işi onda səhnəyə həvəsi törətmiş, 10 il müddətinə vücudca kiçicik və zəif olan qızcığazdan böyük bir aktrisa fiqurası yetişdirmişdir. Son zamanlarda Azərbaycan qadınlarının səhnəyə həvəsi sayəsində, ona doğru axını da artmışdır. Artıq Azərbaycan qadınını xahiş edib gətirmək lazım deyildir. Onlar özləri səhnələrə, teatr texnikumlarına dolurlar. Son illərdə buradan Tamara Paşazadə teatra gəlmişdir. Tamara artıq aktiv ictimai bir aktrisa olmaqla, bütün briqadalarda iştirak edir. Şərqiyyə Məhərrəmova və Züleyxa dəxi teatr işçilərindən aktrisalığa irəli çəkilmişdir. Gənc İşçi Teatrı səhnəsində çox istedadlı və ictimai işlərdə çalışan Fatma Xanım işləyir. İsrafilova Cavahir, Gülüstan və bir çox başqa Azərbaycan aktrisaları mədəniyyət saraylarının səhnələrində və şəxsi mədəniyyət dərnəklərində işləyirlər. Bu qüvvələrdən gələcəkdə, şübhəsiz, böyük aktrisalar kadrosu yetişdiriləcəkdir. Beləliklə, Aprel inqilabı sayəsində azadlığa çıxmış Azərbaycan qadını öz rolundan kişini rədd edərək, öz rolunu öz əlinə almışdır. 60 illik qəhrəmanlıq fəaliyyəti günündə Azərbaycan səhnəsinin əməkçi qadınlarına salam!.. * * * “Şahsənəm” librettosu haqqında Bu opera ilə bağlı məsələ mənə tamamilə aydın deyil. Əsərlə “Aşıq Qərib” operasının süjeti arasında oxşarlıq vardır. Xalq Maarif Komissarlığının o zaman bu süjeti nə üçün yenidən sifariş verməsi məlum olmur. Aşıq feodal xanının qızına vurulur. Lakin xan öz qızı üçün çoxlu pul tələb edir. Aşıq məclisdə oxuyur və Paşa ona 40 kisə qızıl verir. Axırda qızı alır. Sonra o Allahın göndərdiyi atın qanadlarında qayıdır və s. Əlbəttə, bəstəkarı qınamırıq, çünki ona belə süjet veriblər. Ancaq biz operanı bu şəkildə səhnəyə buraxa bilmərik. Hər şeydən əvvəl Allahla bağlı möcüzəli hadisələri çıxarmaq vacibdir. Bir də göstərmək olmaz ki, Paşa 40 kisə qızılı ancaq səxavətli olduğu üçün aşığa hədiyyə verir. Qəhrəmanı adi bir aşıq hesab etmək də doğru deyil, əks halda qızı ona verməzlər. Zənnimcə, elə göstərməliyik ki, Qərib çörək pulu qazanmaq məqsədilə gedərkən aşıqların yarış məclisinə düşür. Orada ədalətsizlik və ağır həyat haqqında mahnılar oxuyur. Bununla da demək istəyirik ki, həyat onun kimi aşıqları necə ağır vəziyyətə salmışdır və s. Bu cür mahnılar Paşaya xoş gəlmir və o aşığın həbs edilməsinə əmr verir. Göstərmək lazımdır ki, yoxsul aşıq axıra kimi də yoxsul olaraq qalır. Qızın məsələsinə gəlincə, onu sadəcə olaraq qaçırmaq və əsəri bununla da bitirmək lazımdır. Hələ Məqsud Məmmədov (Azərb. Xalq Maarifi Komissarı olmuş) deyərdi ki, bu operanın məzmununu dövrlə bağlamaq lazımdır... Burada bir sual meydana çıxır: qəhrəmanı aşıq kimi saxlamaq lazımdır, yoxsa yox? Mən təklif edirəm ki, onu xanın qızına vurulan bir çoban kimi göstərmək və s. Lakin bəstəkar deyir ki, çoban surəti yerinə düşməz, çünki o, musiqini aşıqsayağı yazıb. Bu məsələni elə indi həll etməliyik ki, sonradan dolaşıqlıq meydana çıxmasın. Yüz faiz süjetin inqilabi olması barədə danışmağa dəyməz. Əgər artıq sözləri atsaq belə bu, inqilabi süjet yaratmaq deyil. Vəziyyət özü inqilabi olmalıdır. Burada isə həmin vəziyyət yoxdur. Sinfi qeyri-bərabərlik elementləri olsa da, yoxsul varlıdan sevdiyi qızı ala bilməzdi. Onu da deməliyəm ki, bu operaya inqilabi süjet vermək mümkün deyildir. Odur ki, həm bəstəkar, həm də mən bu məsuliyyəti öz üzərimizə götürə bilmərik. Bizim yolumuz musiqini kütləviləşdirmək və onun Avropa musiqi mədəniyyətinə yaxınlaşdırmaqdır. Mən belə başa düşürəm ki, Qlier milli melodiyanı götürmüş və onu kütləviləşdirməyə çalışmışdır. Beləliklə, bizim Avropa sənətkarı tərəfindən işlənmiş Şərq melodiyamız vardır. Həmin təcrübənin parlaq nəticələr verdiyini deyə bilmərəm, ancaq bu, milli musiqinin inkişafında müəyyən mərhələdir. Bəlkə də bu təcrübənin nəticəsi uğurlu deyil, lakin milli musiqi keçilmiş mərhələ ilə öz inkişafında bir mərhələ də irəli atılacaqdır. Bəstəkarlarımız bu təcrübənin yaxşı və pis cəhətlərini nəzərə alacaq və ondan öyrənəcəklər. “Ş a h s ə n ə m” operasının musiqisi “Aşıq Qərib”ə nisbətən daha müvəffəqiyyətlidir... Mən Xalq Maarif Komissarlığı adından danışmağa vəkil edilməmişəm, ancaq öz fikrimi deyəcəyəm. Mənim vəziyyətim belədir: 1924-cü ildə Mikail Pavloviç librettonu tamamladıqdan sonar onun tərcüməsini mənə tapşırdılar. Mən sadəcə olaraq süjetə və başqa məsələlərə diqqət yetirmədən librettonu tərcümə etdim. Sonra bu iş başlı-başına buraxıldı. Il yarım bundan əvvəl Qlier Bakıda olanda mənə təklif etdilər ki, həmin məsələyə yenidən başlayım. Bir azdan deyəcəyim səbəbə görə mən tərcümədən tamamilə imtina etdim. Sizə məlumdur ki, bu türk xalq əfsanəsidir. Onu vaxtilə Lermontov qələmə almışdır. Lermontovdan sonra H a c ıbəyli (Zülfüqar H a c ıbəyli) opera şəklinə salmış və hazırda Bakıda oynanılır. Həmin opera 1912-ci ildə (1914-cü ildə) yaradılmışdır. Bütün bunlardan sonar Qalperin öz librettosunu yazmışdır. Mən tərcümədən ona görə imtina etdim ki, librettoda qarşıya qoyulan məsələ kifayət qədər münasib şəkildə ifadə olunmamışdı. Onda heç bir ictimai cəhət yox idi. Sonradan edilən kiçik əlavələr də əfsanənin primitiv süjeti içərisində itib-batmışdır. Mən sadəcə olaraq bu işdən uzaqlaşmaq istədim. Ancaq mənə dedilər ki, tamamilə original əsər yazmaq lazımdır. Çünki “Lakme” və s. kimi bir sıra tərcümə nümunəsi vardır. Onlar hamısı müvəffəqiyyətsizliyə uğramışdı. Odur ki, teatr tamaşaçılara tez çatsın deyə orijinal libretto yaratmağı qərara almışdır. Bizim xalq üçün bu, kiçik məsələ deyil. Biz buna musiqinin mədəni inkişafı kimi baxırıq. Indi elə mərhələdir ki, biz Avropanın mədəni musiqisini tətbiq etmək istəyirik. Burada söhbət milli musiqi mədəniyyətindən gedir. Ona görə bəstələnmiş musiqidən imtina edə bilmərik, biz onu geniş şəkildə həyata keçirməyə çalışırıq. Əks halda, opera, məhv olub gedər. Odur ki, Xalq Maarif Komissarlığı musiqini librettonun köməyi ilə kütlələrə çatdırmaq üçün orijinal süjet yaratmağı qərara aldı. Mən öz librettomu il yarım bundan əvvəl təqdim etmişəm. Sizin dediyiniz çoban və s. məsələlər mənim təkliflərimdir. Qlier bunu, yəqin ki, xatırlayır. Mən librettonun sxemini dəyişdim və öz düşündüyüm kimi təfsir etdim. Librettonun 1-ci pərdəsini yazıb, bütün planını tərtib edərək il yarım bundan irəli Qlierə verdim. Onda teatr librettoya mənimlə müqavilə bağladı. Mən məktubla onu Xalq Komissarlığına göndərdim. O biri pərdələr üçün lazım olan bəzi əlavələrlə 1-ci hissəni Qlierə verdim. Axı, süjet eyni olsa da, mən onu yeni iştirakçılar və təzə musiqi parçaları hesabına özüm düşündüyüm kimi yenidən qurdum. ...Mən öz librettomu hazır musiqiyə uyğun yazmağı söz vermişdim. Qlier sonuncu dəfə Bakıya gələndə onun qarşısında belə bir məsələ qoyuldu: biz mövcud süjet əsasında orijinal opera yaratmaq istəyirik. O dedi: – Mən indi cavab verə bilmərəm, çünki Qalperinlə razılaşmamışam. Qlierə təklif etdilər: – Cabbarlı ilə işləmək istəyirsinizmi? O cavab verdi ki, əgər Smoliç (Böyük Teatrın rejissoru) razı olsa, mən etiraz etmirəm. Biz Smoliçin yanına getdik və onunla razılığa gəldik. Onu da deyim ki, mən bir daha əvvəl təklif etdiyim hissəsini də dəyişdim. Smoliç Moskvada bizimlə tamamilə razılaşdı. Bundan sonra il yarım əvvəl librettoda nəzərdə tutduğum məsələləri bütünlüklə dəyişdim. Yalnız xalq əfsanəsi süjetinin ümumi hissəsi qaldı. Sonra başqa işləri gördüm: səhnələri və surətləri dəyişdirdim, bu şəkildə librettonu tərtib etdim. İndi məni yaranmış bu vəziyyət çox düşündürür. Mən bura gələndə Smoliç dedi ki, mənim librettomdan bəzi hissələr dəyişiklik üçün istifadə olunub. Onda bizim burada iştirakımız nəyə lazımmış? Axı, Qlier özgə libretto yazanla işləmək istəmədiyini əvvəlcədən deyə bilərdi. O dedi ki, Smoliç razı olsa, mənim heç bir etirazım yoxdur. İndi isə deyirsiniz ki, (Qlierə müraciət edir) Smoliçin razılığı hər şeyi həll etmir. Bu elə cəhətdir ki, bizi narahat etməyə bilməz. Siz nəyi əldə rəhbər tutub, yeni libretto üzərində işləyəcəyinizə söz verdiniz? Axı, teatrla yazılı müqavilə bağlayıb, altından qol çəkmişdiniz?! Orada açıq göstərilir ki, Siz yeni libretto yazanla işləyəcək, lazım gələndə bir sıra dəyişikliklər edəcəksiniz. Mixail Pavloviçlə isə özünüz danışaq və hərtərəfli razılığa gələcəksiniz. İndi Qalperin verən təfsiri dəyişdirib-dəyişdirməmək haqqında məsələ qaldırırsınız. Mən deyəndə ki, tamamilə yenidən işləyirəm, hətta Mixail Pavloviç öz librettosunu tanımayacaq, məgər hər hansı bir kinayəmi işlədirdim? ... Mən hazır musiqiyə uyğun yazmağa çalışdım. Yeni musiqi parçaları bəstələnəcəyini nəzərə alıb, süjetə əlavələr etməyi lazım bildim. Onda Qlier buna razılıq vermişdi. O vaxt süjet müasir dövrlə, hətta kolxozla əlaqələndirməyi təklif edənlər də vardı. Librettoda kolxoza aid hissə yazılmışdır. Qlier buna da razılıq vermişdir. Bu onu göstərir ki, Qlier onda musiqini də dəyişdirməyə razı idi. Teatr mənə təklif etdi ki, hazır musiqi var, bu musiqiyə libretto yazın. Əgər Mixail Pavloviçin üç və ya dörd variantda yazmaq imkanı vardısa, mən beşini yaza bilərdim. Mixail Pavloviçlə aramızda heç bir konflikt yoxdur. Tapşırdılar, mən də yazdım. ... Belə bir gözlənilməz vəziyyət olmuşdu. Qlier deyirdi: – Biz tamamilə sərbəstik və heç kiminlə hesablaşmayacağıq. Mən həmin söhbətdə iştirak edirdim, onda plan tamam başqa cür idi. Deyirdilər ki, yaradıcılıq ittifaqı sadəcə ictimai təşkilatdır, hər ehtimala qarşı biz kütlənin mənafeyini müdafiə edirik. ...Burada belə bir təəssürat oyanır ki, guya Qalperinlə mənim aramda kəskin münasibət yaranmışdır. Mən qəti surətdə bunun əksinəyəm və Mixail Pavloviçə bir qələm dostu kimi böyük hörmətim vardır. İndiki halda mənim məqsədim Qalperinin hansı vəziyyətə düşməsindən asılı olmayaraq tamamilə aydındır. Bu məsələni təkbaşına həll etmək də imkan daxilində deyil. Qeyd etmək istəyirəm ki, operanın yaradılmasına iki yüz min manat vəsait ayrılmışdır. Librettonun yazılması ona görə mənə tapşırılmışdır ki, vəsait havayı sərf olunmasın. Yeni libretto orijinal, xalqa doğma və yaxın olsun ki, opera müvəffəqiyyət qazana bilsin. Bundan başqa, biz mətnin köməyi ilə mədəni musiqini irəli aparırıq. Xalq Maarif Komissarlığı da bu məqsədlə orijinal mətn əldə etmək istədi və istəyinə nail oldu... * * * Mən “Almaz” ssenarisini nə üçün yazdım? “Almaz” ssenarisini tərtib etməyə məni vadar edən səbəblər aşağıdakılardan ibarətdir: Pedaqoji texnikumunu, mamalıq kursunu və başqa məktəbləri bitirən qızların qəzalara gedib hökmən orada işləməsi məsələsi son illərdə bizdə ən kəskin məişət məsələlərindən biri olmuşdur. Varlı və ziyalı ailələrindən olan qızlar işləməyə ehtiyac hiss etmədiklərinə görə, qəzalara getmək istəmirlər. Onların qohumları və ya tanışları, xüsusən, qız özü gözəl olduqda və ya gözəl bacısı və ya rəfiqəsi olduqda onların qəzaya getməməsinə kömək edirlər. Qız məktəbi qurtardıqdan sonra ərə gedir və cavan ər, yaxud cavan arvad, yaxud hər ikisi bir-birlərindən ayrılmaq istəmirlər. Nəhayət, ən maraqlı və mühüm cəhət budur ki, qızını könülsüz olaraq oxumağa buraxan dindar atalar, yaxud belə qızların meşşan fikirli ərləri və ya nişanlıları heç bir vəchlə qızın qəzaya gedib işləməsinə razı olmurlar. Bunun da nəticəsində, ciddi toqquşmalar əmələ gəlir... Bəzi qızlar xalq və dövlət qarşısında öz borcunu necə olursa-olsun ödəmək istəyərək, ata evindən qaçıb gedir və öz böyüklərini göz yaşı ilə inandırmağa müvəffəq olmadıqda qohumları ilə əlaqəni büsbütün kəsirlər. Bütün belə halların baş verməsi ailənin xasiyyətindən asılıdır. Bəzi qızlar rayona gəlib müəllimlik edərkən öz vəzifələrini yalnız şagirdlərin dəftərlərini düzəltməkdən ibarət bilir və heç bir ictimai iş aparmırlar... ...İstəyirik ki, qızlarımızda ictimai işə həvəs oyadaq, onların mübarizə iradəsini və cürətini artıraq. Hamı Almazı sevəcək və onunla ayaqlaşmağa çalışacaq. Almazın cəsarəti, möhkəmliyi ağır dəqiqələrdə belə qızlar üçün təskinlik və ilham mənbəyi olacaqdır. Bundan əlavə, birlikdə götürülən bütün bu məsələlər bizdə köhnə yaşayışa qarşı yeni, işıqlı mədəni kollektiv həyat uğrunda mübarizənin necə başladığını və getdiyini də təsvir etməyə çox kömək edir. “Almaz” ssenarisini tərtib etməyə məni vadar edən mülahizələr, əlbəttə, ümumi şəkildə təqribən bunlardan ibarətdir. * * * “Əfqanıstan” pyesi üzərində işləyirəm Azərbaycan ilk illərində türk teatrı əsasən tərcümə ədəbiyyatla qidalanırdı. Az tanış olan obrazlar, az tanış olan vəziyyət işçi auditoriyası tərəfindən çətinliklə qəbul edilir və çox zaman ona çatmırdı, nəticədə teatr tamaşaçılar qarşısında müvəffəqiyyət qazanmırdı. Tamaşalara az adam gəlirdi. Pyesi tez repertuardan çıxarmaq və yenisi ilə əvəz etmək lazım gəlirdi. Quruluşların çoxluğu tamaşaların bədii dəyərini aşağı salır və tamaşaçı teatrdan üz döndərirdi. Bu, bir siqnal oldu. Teatr başa düşdü ki, düz-doğru yol ilə getmir və öz istiqamətini dəyişdi. İldən-ilə gənc türk dramaturqları teatrın ətrafına toplaşmağa başladılar. Onların pyesləri tez-tez teatrın səhnəsində tamaşaya qoyulmağa başladı və birdən-birə böyük şöhrət qazandılar. İndi türk dramaturgiyası qarşısında azad yaradıcılığın geniş yolu açılmışdır. Bizdə, sovet ölkəsində dramaturq-yazıçının geniş fəaliyyət meydanı vardır ki, bu, dünyanın heç bir ölkəsində, heç bir yerdə yoxdur. Klassik ədəbiyyatın nümunələrini tənqidi nöqteyi-nəzərlə istifadə edərək, ədəbi keçmişdən ən yaxşı və qiymətli cəhətləri götürərək, mən səy edəcəyəm ki, “formaca milli” əsər yaradım. Azərbaycan xalqının nəhəng mübarizəsinin qəhrəmanlığını əks etdirərək, mən geniş əməkçi kütlələrinə yaxın və tanış olan milli formalar axtarıram. Bu formalar vardır, onlar parlaqdır, əlvandır, onlar ana qanı ilə südünə hopmuşdur, milli dramaturq yalnız onlardan istifadə etməklə, onların vasitəsilə yeni ideyalarını verə bilər. Hal-hazırda mən “Əfqanıstan” adlı yeni pyes üzərində işləyirəm. Pyesin adı şərtidir. Pyesin əsasına konkret məkan qoyulmur, onun məqsədi Avropa imperialistlərinin Şərqdə gizli hiylələrinin üstünü açmaqdır. “Əfqanıstan” cari teatr mövsümündə tamaşaya qoyulacaqdır. Keçən illərin timsalında, bu il də mən teatr üçün ədəbi işimlə yanaşı olaraq, teatrın əməli işinə qoşulmuşam. Hər bir dramaturq rejissor olmalıdır, hər bir dramaturq teatrın qanunlarını əməli öyrənməlidir. Dramaturq teatrın əsas problemini – möhkəm mübarizlər və coşqun adamlar tərbiyə etmək problemini yalnız teatrla sıx əlaqədə həll edə bilər. * * * “1905-ci ildə” tamaşası haqqında “1905-ci ildə” əsərini yazarkən mən öz qarşımda 1905-ci ildə Bakıda olan bütün inqilabi hadisələri əhatə etmək vəzifəsini qoymamışam. Bu tema öz bədii həllini gözləməkdədir. Bu məsələ ətrafında hələ tam bir əsər yazılmamışdır. 1930-cu ildə Zaqafqaziyanı gəzərkən aldığım təəssürat məni bu pyesi yazmağa sövq etmişdir. Mən Gürcüstanda, Ermənistanda və Dağlıq Qarabağda olduğum zaman bütün millətlərə mənsub olan adamlara rast gəldim. Mən köçərilərə təsadüf etdim. Sürünün yanında bir türk qadını yürüməkdə idi. O, çadrasız idi. Bir dəfə də başqa bir qadına rast gəldim. Bu, erməni qadını idi. Bu da tamamilə birinci qadın geyindiyi kimi geyinmişdi. İlk nəzərdə bunları bir-birindən ayırmaq çətin idi. Bütün bu xalqların ev əşyaları, kənd təsərrüfatı alətləri, adətləri, nəğmələri və rəqsləri bir-birinin idi. Əslində bu iki xalq vahid bir xalq təşkil edir. Öylə isə bəs bu xalqları uzun müddət qanlı vuruşmalara nə məcbur etmişdir? Bu məsələni dərindən öyrənməyə başladım. Beləliklə, kütlənin nəzərini inqilabdan uzaqlaşdırmaq məqsədilə bu iki qardaş xalqı birbiri üzərinə salışdıran rus çarizminin kolonizasiya siyasətini göstərən bir pyes üzərində işləmiş oldum və 1905-ci ili bu milli vuruşma üçün bir fon seçərək “1905-ci ildə” əsərini yazdım. Pyes üç ildən bəri türk səhnəsində oynanılmaqdadır. Bu il də mədəni səhnələrdən biri hesab etdiyim Bakı Qızıl Bayraqlı İşçi Teatrosunda göstərilməyə başlamışdır. Teatro kollektivinin əsərə ciddi yanaşması məni sevindirir, mən “Sevil” tamaşaya qoyularkən böylə ciddi bir əlaqəni görməmişdim. Pyesin ruscaya tərcüməsi və Bakı İşçi Teatrosunda pyesin nə cür anlaşılması haqqında bir neçə kəlmə söyləməliyəm. Baxşı obrazını mən seminarist, ziyalı şəklində vermişəm. İnqilabi hadisələr onu dəyişdirir, onu gah bu və gah digər inqilabi lagerə sövq edir. Axırda isə o terrorluq yoluna düşərək qubernatoru öldürür. Mən onu bir ortodoks bolşevik kimi verməmişəm. Bu terrorluq aktı hər hansı şəkildə verilmiş olsa da, tamaşaçıların hüsn-rəğbətini qazanacaqdır. Bakı Işçi Teatrosunun etdiyi kimi, bu terrorluq aktını daşnaklara tapşırmaq tarixi cəhətcə doğru olsa da, bədii cəhətcə doğru deyil və mürtəce əks-inqilabçı daşnak firqəsinə qarşı lazım olmayan təsir verəcəkdir. Generalı gürcü etmək tarixçə doğru olsa da, bədii cəhətcə bir o qədər münasib deyildir. Çünki bədii əsər tarixi faktların adi fotoqrafı deyil və olmamalıdır. “1905- ci ildə” general rus çarizminin kolonizatorluğunu təmsil edən tipik bir simadır. O, Bakıda gürcü, Tiflisdə rus, Xarkovda daha başqa bir millətdən olmuşdur. İndiki halda gərək Hindistanda, gərək Avstraliyada, Misirdə və başqa koloniyalarda imperializmin başlıca siyasəti “vuruşdur və ağalıq apar” şüarı altında yürüdülür. Ona görə də tarixçə gürcüdür – deyə mütləq generalı gürcü etmək hər halda məcburi deyil və lüzumsuzdur. Nəhayət, tamaşanın bitirilməsi də mənim fikrimcə əvvəlkindən daha bədbinləşdirilmişdir. Bolşevik təşkilatının dağıdılması ilə mübarizənin bitmədiyini, inqilabın qüvvəsinin sona qədər əzilmədiyini göstərmək çətindir və bu pyesin ümumi kompozisiyası ilə də uyğun gəlməyir. Mən heç vəchlə pyesdə olan səhvlərimin üstünü basdırmaq istəməyirəm. Hər bir canlı işdə olduğu kimi, burada da səhvlər vardır. Mən pyesin üzərində cərrahlıq əməliyyatı yapılmasına da zidd deyiləm. Lakin bu əməliyyatın pyesin əsas süjetini pozmamasına artıq diqqət etmək lazımdır. Bakı Qızıl Bayraqlı İşçi Teatrosunun böyük teatro studiyasına etimad bəsləyərək, teatronun tamaşanı öz səhnəsi yüksəkliyinə qaldıracağına heç şübhə etməyirəm. * * * Böyük vəzifələr uğrunda Firqənin aprel qərarından sonra həyatımızda dönüş olduğuna şübhə yoxdur. Bunu bugünkü qurultay və buradakı çıxışlar da göstərir. Lakin firqənin həyatımızda dönüş yaratmağa səbəb olan bu qərarının layiqincə həyata keçirilməsi, ondan yazıçıların istifadə etməsi haqqında bir o qədər də çox iş görülməmişdir. Bu gün yazıçıların sıralarının artması, yeni yetişən gənclərimizin qələm götürməsi təşkilat komitəsini daha çox işləməyə məcbur edir. Halbuki gənc qələmlər sahibsiz kimi qalmışlar. Onlar arasında kifayət qədər iş aparan yoxdur. Bir çox dramaturqlar teatra və sair yerlərə müraciət edirlər, təşkilat komitəsinə getmirlər. Çünki təşkilat komitəsində elə adamlar yoxdur ki, bu dramaturqların əsərlərini oxuyub, onlara yol göstərsinlər. Gənc kadrlarımızı, gənc yazıçılarımızı tərbiyə edə biləcək iki mühüm amil vardır. Biri nəşriyyat, o biri isə mətbuatdır. Əvvələn, bunu da deyək ki, mətbuatda çıxan tənqidlərimizin keyfiyyətini burada yoldaşlar göstərdilər. Bunun biri də Rəfilinin özüdür. Bir də görürsən ki, ədəbiyyat qaldı bir tərəfə, gedir Qliyerdən tənqid yazır, musiqidən tənqid yazır. Halbuki özü iki notanı yaza bilmir. Mən demirəm ki, Qliyeri tənqid etmək olmaz, olar, lakin Qliyeri tənqid edən heç olmazsa musiqini anlamalıdır. Odur ki, bu gün bir yolla, sabah başqa yolla gedəndə dolaşırlar. Ədəbiyyatı yüksəltmək üçün çalışmaq lazımdır. Mən bir məsələ haqqında dəxi danışmaq istəyirəm. “Ədəbiyyat qəzeti” yazıçı kadrlarının rəhbəri olmalıdır və bu məsələdə “Ədəbiyyat qəzeti”nin hər bir işi düzgün olmalıdır. Ancaq biz görürük ki, “Ədəbiyyat qəzeti” düzgün və müntəzəm çıxmır. Təşkilat komitəsi bu məsələyə fikir verməlidir. “Ədəbiyyat qəzeti” vasitəsilə bizdə yetişən və böyük qüvvət təşkil edən yeni yazıçı kadrlarına kömək etmək lazımdır. Köhnə yazıçılar məsələsinə gəldikdə, tənqidçilərin köhnə yazıçılara yanaşması haqqında vaxtilə Ruhulla yoldaş bir misal göstərmişdi. Bizim klassiklərə də Ruhullanın göstərdiyi kimi belə yanaşılmalıdır. Klassiklər haqqında tənqidçilər çox xırdaçılıq etməməlidir... Biz indiki quruluşumuzu bütün dərinliyi ilə bərabər mənimsəməliyik. Madam ki, mən özüm bu quruluşumuzu hiss edə bilmirəm, onda nə cür də mən quruluşumuz uğrunda mübarizə edən qəhrəmanı verə bilərəm. Odur ki, indiki quruluşumuzun qəhrəmanlarını hiss etməli, onları bütün dərinliyi ilə mənimsəməli və öz əsərlərimizdə əks etdirməliyik. Mən bu qəhrəmanları hiss edirəm və olanı yazıram. Mən də vaxtilə görə bilmirdim, hiss edə bilmirdim. Lakin indi görməyə, hiss etməyə çalışıram, mən də görürəm. Şura yazıçısı öz yaradıcılığını, hərəkət təmayülünü indiki həyatdan almalıdır. Mən Vətənimin əməkçi xalqının gələcək səadətini təminedici əsərlər yaza bilərəm, yazacağam da. Lakin bununla bərabər, yenidən qurultaya, yenidən yetişməyə can atan, lakin həyatın dərinliyini tezliklə qavraya bilməyən bəzi yazıçılar da vardır. Onlar üçün də Azərbaycan Şura təşkilatı bu şəraiti dəxi nəzərdən qaçırmamalıdır ki, indiki quruluşumuzu görməyə istedadı olan və onu görməyə çalışan və hazırkı quruluşumuzda iştirak etməklə öz yardımını göstərməyə çalışan yazıçılara müəyyən şərait yaratmaq, kömək etmək, əldən gələn heç bir şeyi əsirgəməmək lazımdır. * * * Kitabxana.az · https://kitabxana.az/collections/cabbarli-meqaleler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1934). Public domain (author died 1934). Original text only.