Poemalar Cəfər Cabbarlı (1899–1934) 1 Quzğunun sahilində pək qocaman Bir yapı, əski sirlər yuvası, Sanki dalmış dərin düşüncələrə, Duruyor sakitanə Qız qalası. Bu yaxın keçmişin gözəl gəlini, Baxıyor, sanki qəm büküb belini, Qocalar tək həyatdan doymuş, Baxıyor dövrəyə yarımuyumuş. Hər yan altın bəzəkli şən yapılar, Dirilik dörd yanında qaynamada. Arxada bir gurultu, bir yenilik. Öndə çapqın vaporlar oynamada. Qara, yüksək, şubay buruqlardan Neft atılqanları nöyüt sərpər. Həp yarım milyon işçinin çəkici Öylə çarpar ki, yer əsib titrər. Gecə sahil boyunda seyr edəsən, Gəzişirlər yığın-yığın qızlar; Günəşin istiqanlı yavruları Hərə bir canlı gül seçib izlər; Oxşayıb güldürər, gülər, dinlər, Söyləyər, yalvarar, deyər, inlər. Hər tərəf başqa dürlü bir yenilik; Hər tərəf sevgi, hər tərəf şənlik; Dirilik tam gurultusilə özün Göstərir sahilində bir dənizin. 2 O, fəqət bunlara qoyurmu məhəl? Yox, yox, o iştirakə pək tənbəl. Görkəmindən düşündüyün sonsuz Andırar sanki dərdli bir öksüz. Unudulmuşmudur, ona darılar? Əski elxanlılar çağınmı anar? Kim bilir, söyləməz, qonuşmaz ki, Qaynayan dirliyə uyuşmaz ki. Dalmış o pək dərin xəyalə, durur, Nələr, Allah, bu əski ev düşünür?! 3 Burası örtülü bütün eldən... Pək dərin keçmişin, fəqət dildən – Dilə vardırdığı dumanlı xəbər Xalq içində maraqla söylənilər Ki, bizim paytaxtımız xanının Qızını Abşeron xanı görmüş, Oğluna almaq istəyib sormuş. Xan da bu batqın ölkə xalqından Qorxaraq, indiki bu dik qalayı Xəzərin göy suyunda tikdirərək, Qızını, bir də bir qoruq alayı Abşeron çapqınından aldırmış, Göylərə, bu binayə qaldırmış. 4 Söylənir bu... fəqət mənə bir gün, Qoca, düşkün qiyafəli bir pir Pək gözəl, şairanə sözlərlə, Etdi bir qəmli macəra təsvir. 5 Altı yüz il qədər əvvəllərdə, Bu binaya yaxın duran yerdə Bakının sahilüstü bir küçəsi, Can sevən bir gözəl mayis gecəsi... Tam göyün ortasından ay durmuş, Dörd yanın dövrə bir işıq bürümüş. Altı-yeddi sarımtıraq ulduz Pək uzaqlarda titrəşir fərsiz; Sakitanə dəniz durub parlar, Sıçraşıb xırda damcılar oynar; Uyuyur qumlar üstə ilbizlər; Orda gizlənqaç oynayır qızlar. Mey vurunca hava xəfifanə, Inlədikcə dəniz xəfifanə, Yerə aydan işıq saçıldıqca. Görünüşdən ürək açıldıqca, O mələk gözlərində bir sevda, Baxıyor, sanki seyr edir röya. 6 Ruhu onsuz da oxşayan bu gecə, Dayanıb bağda bir yaşıl ağaca, Saçların dağınıq arxaya tökərək, Gözlərin ta uzaqlara dikərək, Baxıyor bir xəyalə dalmış qız, Baxıyor kainata qırpımsız. Göydən ay öz şəfəqlərin səpiyor, O qızın ağ gümüş döşün öpüyor. Bir xəyalı kaman tək inləyərək, Şəvə tək saçların öpər yellər. Oxşadıqca ilıq hava bədənin, Qucuyor boynunu uzun tellər. O fəqət... dinləməz bu aləmi bir, Baxıyor düz, düşüncəli, dilgir; Sanki bir başqa kainat arayır. Arabir diksinib için çəkiyor, Ağaca doğru başcığın əkiyor, Yenə dinməz, baxır fəzaya qəmin,1 Yenə tutqun, haman yenə dalğın, Qara gözlər haman yenə süzülür, Al dodaqlar ara-sıra büzülür, Gülüyor, ağlıyor, deyil, bəlli, Inliyor, dinliyor çətin həlli! Iri, süzgün, qara kömür gözlər Bu üfüqlərdə, ax, nələr gözlər?! Keçmişin bu işıqlı ulduzunun, Allah, Allah, bu gündoğuş qızının Nələr etmiş xəyalını məğşuş, O ayıqdırmı, yoxsa bir bihuş?! Bu gözəllik, bu incəliklə məgər Görən olsa, ona deyərmi bəşər? Yox, satqın, heç bu od ona gəlməz, Onu kim görsə, canlı zənn edəməz; Deyəcəkdir, yəqin ona röya, Pək dərin, şairanə bir xülya. 7 Göydə bir parça ağ bulud yürüdü, Pərdəvarı ayın üzün bürüdü. Bir dəqiqə hava qaraldı bütün, Yenə durmuş bu qızcığaz məhzun. Yenə əvvəlki tək deməz, dinməz Yenə əvvəlki tək susar, gülməz Bulud ötdü, yenə açıldı hava; Yenə dalğın bu müztərib sima. Demək olmaz ki, mütləqa qəmli, Demək olmaz sevinməsin də vəli. Doğrudan qayğımı çəkir bu mələk? Yoxsa sevdalıdır bu qönçə çiçək? Bağlıdırmı bir odlu eşqə bu qız? Kimə aşiq bu parlayan ulduz? Kimdir o taleyi bu cür gülüyor Ki, onunçun bu al çiçək soluyor? Onu yoxsa sevirmi bir sevici, Gülüyor qız, bu eşqə pünhanı? Yoxsa mümkünmü saymayır, eşqin? O da bu sevginin pərişanı. Böylə orta, bilinməyən bir hal. Kəsdirib, bilmək həp bu halı mahal. Ağ buludcuq ayın yanında gəzir, Bir qayıq ta uzaq dənizdə üzür. Yel ipək kömləyin qızın oxşar, Saçların telbətel öpər, oynar. Gecə ölgün sükut ilə yürüyor, Qız da əvvəlki hal ilə duruyor. 8 Iki yandan sümükləri çıxmış, Qırışıq sərt üzündə bir iffət; Boz qalın qaşlarilə örtülmüş Xırda dik gözlərində bir şəfqət. Gülüyor, hər addımda bir duraraq, Gəliyor, çiyninə başın buraraq, Gəliyor, san, nə isə dinləyərək, Gəliyor hər addımda inləyərək, Gəliyor o Qantemir pərişan hal. Gəliyor xəstələr kimi bihal, Gəliyor söyləsin öz eşqini ta, Seviyor öz qızın zavallı ata... Seviyor, həm deyil ki, bu ata tək, Onu etmiş əsir o canlı çiçək, Seviyor həm nasıl ki, gənc gənci; Seviyor həm nasıl ki, bir sevici. Yürüyor ixtiyarsız, ölgün; Yürüyor kəndi-kəndinə küskün. Qorxuyor o, zəhərli dillərdən, Sanacaq xalq onu rəzillərdən; Adına nəslinin ləkə sürüyor, Ox, nə müdhiş bu!.. Bir qədər duruyor, Qorxuyor tutduğu şəriətdən, Qorxuyor tanrıdan, qiyamətdən; Ad, san, el, tanrıdan olur məhrum. Görüyor qarşısında bir uçurum. Ölüyor, partlıyor, yenə seviyor. Yürüyor, inliyor, yenə yürüyor. Istəyir getməsin, ürək sürüyor; Istəyir sevməsin, könül seviyor! 9 Doğru bir sevginin hüdudumu var? Yox, yox, ancaq sevən bunu anlar! Sevgi bir şey ki, çəkdirir zillət, Həp əzabından aldırır ləzzət. Sevgi bir od ki, yandırır ürəyi; Sevgi bir göz ki, yox onun bəbəyi. Kim ki sevdi, kim olduğun sormaz. Sevdiyindən o, başqa şey görməz, Eyləyir sevgi əqli tez fani, Veriyor bir həyati ruhani. Onu dünya yığılsa qandırmaz, Ya mələklər gələ ovundurmaz. Ona bir fərqi yox düyün, matəm, Sevəcəkdir dağılsa da aləm. Qorxmaz o, tanrıdan, şəriətdən, Alır onsuz da zövq zillətdən. Onda yox artıq hissi-heyvani, Arar ancaq ki, zövqi ruhani. 10 Yürüyor Qantemir yenə irəli, Qorxduğu şeylərin yox heç əsəri; Yürüyor sevgi, başqa təkcə məal... Duruyor qız önündə sanki xəyal. Indi ay ağ buludcuğu devirib, Işığın sanki büsbütün çevirib, Töküyor sahilə gülümsəyərək, Sanki cənnət yaratmaq istəyərək, Qızı guya mələkliyə sınayır. Şəfəqilə qızıl saçın yıqayır. Mən əminəm ki, göydən ensə mələk, Yenə üstün gələr bu nazlı çiçək. Bu gecə etiraf olunsun, əvət, Tanrıya bir rəqib olub xilqət. Artırınca gözəlliyin yaranış, Alıyor qız ilahi bir görünüş. 11 Baxıyor Qantemir, həzin baxıyor; Yaş gözündən dayanmadan axıyor. Baxıyor Qantemir qəmin, məhzun. Çıldırır, bax, deyilmi bir məcnun? Baxıyor, bir zavallı tək baxıyor, Bu gözəllik sinirlərin yaxıyor. Gülüyor hər tərəf: dəniz, su, hava, Bircə tutqun bu qızcığaz, bu ata. Yarpaqaltı işıqlar oynaşıyor; Qıza Məcnun ata yaxınlaşıyor, Gözlərində alovlu bir sevda; Sərt, fəqət pək boğuq səsiylə ona: – Durna! – Qız diksinib, həzin, süzgün Baxıyor, qarşısında san düşkün, Pək və şaşqın, yazıq ata, duruyor. – Yenə gəldinmi? – Of, – deyib soruyor. – Bu qədər qayğı, bunca işgəncə Sanıyorsan ki, azmı bir gəncə? Məni, onsuz düşüncələr bürümüş; Fikrimi onsuz da qayğılar yormuş. Mənə onsuz bu eşq tüğyani Veriyor bir əzabi-ruhani. Yaxıyor qəlbimi bu eşqin ya, Ox, zavallı, aman, zavallı ata! – Durna! Sus! Sus! Nədən bu danladığın? Bilirəm, yox ki, eşqi anladığın, Bilirəm sən nədən bu cür dalğın, Bilirəm, ax, bu sevgi pək şaşqın. Haqlısan sözlərində, pək haqlı, Duyğum üstün ki, susdurub ağlı. Durna! Duyğum Xəzər kimi daşqın; Nə edim? Əmr edir bu cür şaşqın. Yox, bu şaşqın deyil, deyil, əsla! Məndə bu sevgi doğru bir sevda. Kim olursan sən, ol da, yox xəbərim, Mən fəqət bu gözəlliyi sevərim. Bu gözəllik, bu incəlik, bu, əvət, Aldığın bu ilahi vəziyyət, Mən deyil, hər kəs olsa bənd eləyər, Atan hərgah peyğəmbər olsa, sevər. Baxıyor qızcığaz inildəyərək, Ata həm ağlayır sözün deyərək: – Sən nəsən? Çünki bir sevilməli gül. Ağlayırsanmı? Durna, sus! Gül, gül! Ağlamaqdansa, al məni öldür. Gül, bu məcnun ürəyimi güldür! Səni ağlar görəndə handa mənim! Çatlayır, partlayır bütün bədənim. Durna! Səndən çocuq kimi dilərəm: Ağlama, yoxsa indicə ölərəm. Gülüyor qızcığaz heç istəmədən: – Ata, ah, söylə, söylə, nədən Böylə şaşqın bir eşqə verdin dil, Nə deyər tanrı, ya nə söylər el? Vurdu meh, keçdi bir ilıq ruzgar, Güldü san incə bir gülüşlə bahar. Gəldi bir an tərənnümə güllər, Yenə susdu əvvəlki tək yellər. Yenə ölgün sükuta batdı açun, Qantemir indi büsbütün məcnun. Çal bığlarla örtülən ağzı Hər sözündən sonra köpüklənərək, San ürəkdən tutub çəkir sözünü. Sözü gah yüksəlib də, gah enərək, Söyləyir: – Durna! Anlamam səni mən, Bu qədər qorxu, ya sıxıntı nədən? Mən özüm indi kimsəni tanımam, Kim nə istər desin, mən aldanmam. Mənə indi mələk və ya insan, El, peyğəmbər, kitab, din, Quran, Məmləkət, hökmdarlıq, xanlıq, Qüssə, qayğı və ya firavanlıq, Hamı bir heç, hamı mənə röya! Bircə sən, sən, aman, aman, Durna!.. O baxışlar ki, sevgi tək qəmgin, O yanaqlar ki, gül kimi rəngin, O dodaqlar ki, ağlayır gülərək, Gülüyor sanki dərdimi bilərək, Ax, o kirpik ki, indicə qurumuş, O qızıl saç ki, boynunu bürümüş, Ax, o gözlər ki, andırır xülya, Çırpınır varlığında bir sevda, Bu gözəllik, bu incəlik, bu gülüş, Bu xəyali, ilahi bir görünüş Mən deyil, Tanrıya vurar düzgü. Bax, özün Durna, bax, aman, güzgü Yox ki... yar qəlbimi var onda hamı. Canlı bir Durna, yox ki, tək rəsmi. Bu gözəllik ki, səndə var, Durna, Tanrı, sevsəm, yəqin darılmaz ona. Haqsızam sevməyə gözəlliyi mən? Kəndisi Məryəmə vuruldu nədən? Sevdi kəndi yaratdığın kəndi, Mən sevərsəm, mənə nə der indi?! Istəyirsə ki, sevməyim səni mən. Səni böylə gözəl yaratdı nədən? 12 Qantemir məmləkətdə bir dahi, Əski qalxan-qılıncın Allahı. Qantemir qəhrəmanlar öldürmüş, Diriliklər qılıncı soldurmuş, Ona tabe alovlu bir ölkə, Indi durmuş nasıl ki, bir kölgə; Heç duyulmaz ki, işləyir nəfəsi; Arabir inləyir qırıntı səsi: – Durna! Yavrum, darılma, olma məlul. Sevmə bir başqasın, aman, mənim ol! Varlığın çeynər odlu bir qayğu, Ata bəklər maraqla qaytarğu. Indi sahildə səs-səmir əsla Eşidilməz, açun yatıb guya, Tərpənişsiz bütün hava durmuş, Batqıya doğru bir az yürümüş. Seçilir göydə güclə ulduzlar, Uyumuş həp dəminki gənc qızlar Dinməz öz boynunu əyib güllər, Sanki bir şey maraqla pək dinlər. Bu sükutu yarar fəqət arabir Ilbiz oymaqları yaşıl təpələr; Öndə parlaq sularda incə, xəfif Bir şırıltıyla oynaşan ləpələr. Baxıyor Durna, sanki bir heykəl, Çeynəyir varlığın dəmir bir əl. Baxıyor kainata hiddətlə, Qocanı, həm kəmali-diqqətlə Süzüyor, kəndi bilmədən səbəbin; Yenə dalğın, haman yenə dalğın... Qantemir indi canlı bir heycan, Ildırım, od, alovlu bir vulkan. Inləyir tapdağında guya yer, Parlayır gözlərində şimşəklər. Bu gözəllik sinirlərin yaxıyor; Sanki ac qurd şikar üçün baxıyor. Baxıyor Durnanın bu heyətinə, Mütərəddid gözəl qiyafətinə, Söyləyir: – Durna! Nazlı yavrum, bax, Məni məhv etmə, bu sükuta burax! Mən həyatımda dürlü gün gördüm, Əymədim baş açunda bir nəfərə, Bir nəfər yox, bütün bəni-bəşərə. Oda girdim, ölümlə çarpışdım. Içmədim su, həmişə qan içdim Məni gördükdə handa bir əsgər, Qəhrəmanlar, igid-igid ərlər Titrəyirlərdi sanki bir yarpaq, Oynaşım qan, dəmir, çəlik, mızraq!.. Ixtiyarəm deyib də, aldanma. Hələ pək güclüyəm, inan, Durna! Mənə odlar, sular, biyabanlar, Vəhşilər, arslanlar, insanlar – Həpsi bir heç! Önümdə bir kölgə... Bax özün, iştə odlu bir ölkə, Bir böyük kütlənin həyatı bütün Bir oyuncaq kimi əlimdə zəbun Istəsəm, həpsini əzib, didərəm, Tapdaram həp həyatı məhv edərəm. Tikərəm bir hasar bu ləşlərdən, Yaparam bir minarə başlardan. Orda bir şən çiçəkli bağ salaram. Həp bu qanlarla torpağın sularam. Mənə dünyada qarşı qüvvət yox, Istəyim verməyən şəriət yox. “Istəyin yapma!” söyləyən bir din Mənə lazım deyil də, məhv olsun... Ulu tanrım, bu süngü, bu qalxan Türk üçün həp budur böyük yaradan. Çünki varkən əlimdə bu mizraq, Nə dilərsəm, o mütləqa olacaq! Nə ararsam əlimdədir, taparam, Hökmranam, nə istəsəm yaparam! Bircə sən... ox, zavallı yavrum, sən, Sən böyüksən və güclüsən məndən! Eşqi yıxmaq ki, qeyri-mümkündür, O ki, hər hökmdarə üstündür. Hər kim olsan da tapdaram, ayamam, Bircə ancaq bu eşqi zorlayamam, Çünki sənsən mənim də bir əməlim, Dön, gözəl yavru, tanrım ol da mənim! Diləyin varsa, söylə, rədd etməm, Sənə qarşı, satqın, güc işlətməm Al, ölümlər saçan bu mızraqlar, Bu geniş anlı-şanlı torpaqlar, Qüvvətim, dövlətim, yerim, yurdum, Təxtü tacım, mənliyim, bu qəddim, Sərt, bükülməz qolum önündə bükük; Bax, bu mızraq, bu mən götür əz, tök! Qüvvətim, varlığım, dəmirli əlim. Iştə bir eşq ilahəsinə təslim. Sən bu gün hökmdarsan, mən qul, Durna... yavrum! Fəqət... aman... mənim ol! Qantemir, Qantemir igid bir ər, O ki, yıxmış böyük vilayətlər; O ki, mehrabə, çox baş əyməzdi, Pürvüqar alnı möhrə dəyməzdi; Onu qorxutmayırdı atəşgah, Onu tapdarmayırdı bir Allah; O, əvət o, bax, iştə diz çökmüş, Tanrı bulmuş da, həp boyun əymiş. Əlli ildir bükülməyən dizlər Bükülüb indi yaş çubuqlar tək. Ağlamaq bilməyən bu sərt gözlər Ağlayır, ağlayır çocuqlar tək! Yenə ruhunda bir təkəbbür var, Onda guya dəniz, sular, dağlar Söyləyir: – Qantemir, utan, doğrul, Sən ki, ərdin, tapınma, qalx da, ər ol! Bu qədər yalvarış nədir bu qıza... Baxıyor Durna bu kədərli üzə, Çeynəyir ruhun odlu bir dəhşət, Gülüyor heyətində bir əzəmət; Inliyor gözlərində yorğunluq, Qaplamış kainatı susqunluq. 13 Göydə ay ağ buluddan ayrıldı, Qara varlıq ziyaya qərq oldu. Göylərin boşluğunda pək müdhiş, Sanki pək laübali bir sərxoş Gəzərək kainatın hər yerini, Sərpərək öz ziyalı tellərini. Durnanın etdi üzcüyün tənvir. Gəl də, şair, bacarsan, et təsvir! Çalma, rəssam, fırçaya çəngə; Giriyor, bax, nəfəsdə yüz rəngə. Həp qızarmış bu gül yanaqlar, bax, Al dodaq, sanki indi qan axacaq. Qara qaşlar çatıldı quş qanadı, Qara gözlərdə titrəyir sevgi; Nəfəsin çəkdi bir tərəddüdlə, Sanki vardır pək incə bir diləyi. Istəyir söyləsin... yumruq ağzın Pək zərif bir şaqaq tək açdı. Dinməyir... ağlayır... tərəddüd edir. Gül dodaqdan, bax, iştə qan açdı. Susdu, guya ki, pək ağırdı sözü, Rəngi qaçdı, saraldı bət-bənizi. Istədi söyləsin, fəqət susdu. Küsdü, bilməm nədənsə, pək küsdü. Daldı bax, pək dərin xəyalə yenə, Düşüyor, kəsdirir o bilməm nə? Titrəyir, bax yenə qızardı üzü, Istəyir söyləsin dəminki sözü. Yenə susdu, baxışları süzülür, Daldı, bilməm nədənsə pək üzülür. Yenə küsdü, yaşardı həm də üzü, Baxıyor, sanki seyr edir dənizi. 14 Nədir, Allah, bu yavruda bu məlal! Bu tərəddüd, bu qəm, bu küskün hal! Aman Allah, nədir onun diləyi? Ilk baharın bu nazənin çiçəyi Yenə susmuş neçin tərəddüd edir? Kim bilir, o, həp nələr düşünür? Atasın istəyirmi qandırsın? Sevdiyinmi bir az yubandırsın? Atasın “yox!” deyib, yox etsinmi? Demədən sevdiyilə getsinmi? Yoxsa, atsın bütün, bütün eşqin, Olaraq keçmişin pərişanı, Sevsin ancaq yazıq qoca atasın, Çəkərək bir əzabi-vicdani? Keçmişin, sevdiyin, özün, ürəyin, Gələcək günlərin, adın, diləyin. Həpsin, həpsin atıb, onu tutsun? Bilərək kəndisin fəda etsin, Duyğunu, ağlı, hissi dondursun, Bu yazıq aşiqin ovundursun?.. Bu da pək güc, onun ümidləri bəs? Boğulur, san, yazıq çəkincə nəfəs. Hələ fikrində bir yığın heycan, Hələ qəlbində odlu bir vulkan. Hələ titrək dodaqlarında yaxar, Dünkü bir öpkünün bu gün yeri var. Həm də şahid bu ay, bu ulduzlar. Allah, Allah! O verdiyi sözlər... Bəs o? Bəs o? Onu unutdumu, dur, Seviyor, ox nasıl onu unudur? Səndə təsvirə güc bulunsaydı, Çöhrəsindən görərdiniz indi Ki, bütün bunları xatırlayaraq, Keçirir bir rəsm kimi gözdən. Yeri gəldikcə inləyir, saralır, Bəllidir, həpsi, həpsi də üzdən; Qızarır həp, yenə dönüb ağarır, Hər nəfəs başqa bir qiyafət alır. Göylərin boşluğunda ay qoşuyor, Ağ buludlarla sanki oynaşıyor. Ta uzaqlarda parlayan suları Ufacıq bir qayıq yarıb üzüyor; Qızcığaz həp əvvəlki tək dalğın, Onu, guya, düşünmədən süzüyor. Bax, çatıldı yenə hilal qaşlar, Qəti bir halda gəldi, doğruldu, Sanki bulmuş kimi o, istədiyin, Sərt, çevik tərpənişlə döndü dedi: – Ata, artıq mənim deyilsən atam, Mən sənə, anladınmı, indi yadam. Mən Xəzər sahilində bir durna, Sən də bir ovçu kimi vuruldun ona. Yetər artıq, üzülmə, ağlama, gül! Al, sənin indi sevdiyin bir gül, Çeynə, did, parçala, gəmir, məhv et! Nə bilirsən də et, muradına yet! Qoy eşitsin bütün cahan, bilsin! Həpsi dildən-dilə deyib gülsün Ki, rəzil bir ata, rəzil bir qız Yaşayıb öldülər də ismətsiz. – Durna! Yavrum, bu halətin dəhşət, Haqsızam mən, fəqət düşün, əfv et! – Keçmiş artıq, nə olsa, qoy olsun, Sənə həp son məzarım eşq olsun! Qoy desinlər, yalandır, aldanmam, Dinlə, zövcüm, mənim dünənki atam! Qoy desinlər: o bir rəzil qocadır; Məncə eşqin sənin fəqət ucadır. Sən özün heç, sözün də biməna, Eşqin ancaq böyük, vuruldum ona... Söyləyir Durna bilmədən özünü, Söyləyir kəlmə-kəlmə hər sözünü... Işlədikcə çapıq-çapıq nəfəsi, Eşidildikcə incə, dadlı səsi, Zənn edirsən ki, incə bir dilbər Sararaq bir kəmanı əllərini, Başdakı sevginin xəyalilə Inlədir aşiqanə tellərini. Söyləyir Durna – Qantemir, dinlə! Yaşamaq istəyirmisən mənlə! Seviyorsun yəqin ki, var xəbərim, Verərəm söz ki, mən də həp sevərəm. Sənin olsun ki, varlığım, ürəyim, Var fəqət səndən incə bir diləyim: Doğrudan sən məni sevirsənsə, Yapacaqsan nə sevdiyin diləsə. Görüyorsunuzmu, bax, bu ağ dənizi, Şüşə tək parlayır nasıl da üzü, Mənə təkdir bu göy sularda bir ev, Qaldır əvvəl bu yüksəyə, sonra sev. Istəyirsənmi boynunu qucayım, Mənə imkan ver, ilk əvvəl uçayım, Uçayım pək uzaq bu yerlərdən, Uçayım pək uzaq bəşərlərdən... Burda qalsam, mənim üzüm gülməz. Məni bir kimsə anlamaz, bilməz; Gələr hər kəs dilində yəzdani, Anlamaz kimsə zövqi-ruhani. Öylə olsun evim uca və böyük, Övzülün Kaspi öpsün, üstün göy. Bu bina sevgililərlə qoy dolsun, Dörd yanım, həp mühitim eşq olsun; Mənzilim olsun eşqlər yuvası, Adı olsun sevimli Qız qalası. Durma, get, haydı, çırpınır ürəyim; Get, fəqət bulmalı yerin diləyim. Ondan əvvəl mənə görünmə, saqın. Qantemir açmadan dilin, dodağın. Sanki gənc çağların bu gün yaşıyor, Sərt addımlarla həp uzaqlaşıyor, Yenə dik gözlərində bir şiddət, Yenə fikrində bir yığın dəhşət. 15 Yel bir az da sərinləşib əsiyor, Baxışı sərt işıqla Ay kəsiyor, Mey vurunca xəfif-xəfif yellər, Qız daha müztərib durur, inlər. Sahilə bir ufaq qayıq yanaşır, Süslü bir gənc onun içindən aşır. Durnaya doğru durmadan qoşaraq, Ona doğru haman yaxınlaşaraq, Söyləyir: – Pək gecikmişəm, Durna! Ağlayırsan, aman, darıldın ona! Bilmədim, sevdiyim, bağışla məni... Durnanın titrəyib bütün bədəni, Baxıyor pək sürəkli, pək sakit: – Son, bütün son, səfalı günlərə son! Son, bütün keçmişə, keçənlərə son! Məni bundan sonra düşünmə... – Aman! – Bilirəm pək bəlalıdır hicran, Duyğusuz, uyğusuz yetim gecələr, Süslü dünya cəhənnəm olsa əgər, Yenə qarşımda başqa yox tədbir, Iki yol var, fəqət, nəhayət bil, Həp ölümdür, ölüm, ölümdür, ölüm! Iştə, yavrum, bu son səfalı yolum... Məni səndən ayırdı bir tufan, Çarə yox, böylə istəmiş yaradan... Durna bir gül ki, açmadan soldu; O səninçin həmişəlik öldü. Eşq üçün ayrılıq gözəl bir yol, Get, gülüm, get, fəqət üzülmə, ər ol! Baxaraq bir də son nəfəsdə ona, Evə doğru uzaqlaşır Durna. Yenə ağlar gözündə bir sevda, Yenə dalğın üzündə bir xülya. 16 Ay dolanmış da, həftələr ötmüş, Suda pək süslü bir bina bitmiş. Qucuyor övzülün dəniz, quru yer, Öpüyor yüksək alnını göylər. Üstü görsənməyir dumanlarda, Sanki itmişdir asimanlarda; Ilk gülən, son ölən şüası bütün Həp onundur doğan, batan günəşin. O gözəldir, o bir gəlin kimi şən, Baxıyor bir vüqar ilə gendən. Qarşıda daxmalar hörümlü, açıq, Komalar həp qırıq, tökük, dağınıq; Çevrəsində nə varsa, həp əski, Bir rəqib axtarır da, bulmaz ki. Suda öz kölgəsin görüncə gülər, Öz şubay görkəmilə fəxr eylər. Sanki bir güzgüdə boyun dümdüz Görərək, çevrilir gülər bir qız. Birləşib pək uzaq dənizlərlə, Baxıyor sahilə gülümsəyərək, Eşqə vurğun kədərli gözlərlə Sanki öz saçlarilə fəxr edərək. Iştə son zirvəsində göylərdə Duruyor, pək uzaq bəşərlər ona; Duruyor sanki bir sular pərisi, Duruyor bir vüqar ilə Durna. Baxıyor sanki bir mələk göydən, Bir mələk görkəmində gerçəkdən. Saçları arxaya səpinmiş açıq, Baxıyor sanki fikri pək dağınıq. Baxıyor, san, gözəllərin şahı, Baxıyor, san, gözəllik Allahı. Baxıyor sanki göydə bir ulduz, Baxıyor bir xəyali dilbər qız... Tac taxınmış çiçəkdən, otlardan, Sanki doğmuş bu, ağ buludlardan. Onu guya ki, bəsləmiş göylər, Bir çiçəkdir, toxunsalar, tökülər. Onu guya ki, şeirdən hörmüş Bir çəmənzar içində bülbüllər. Onu guya ki, nəğmədən toxumuş Nazlı bir qız, ziyalı bir dilbər. Onu guya ki, süsləmiş, bəzəmiş Göylərin incə mənəviyyatı. Onu guya ki, sevgidən yaradıb Ilk baharın gülümsəyən səhəri. Onu guya ki, bilmədən doğurub Gülüşündən görünməyən Tanrı. Yox, burax, tanrı-manrı bilməm mən O, qadındır, gözəldir hər şeydən. Sadə bir qız, sevimli bir dilbər; Ona tapqın dəniz, hava, quru, yer. Nədir əyləndirən həyatı, pəki? Bir gözəllik deyilsə bilməm ki, Həp yarınçın sürüklənirkən sən, Umduğun şey nədir yarınlardan! Gələcəkçin nədir bu qayğı, bu hal? Həp gözəllik deyilmi bir ideal? Iştə hər kəscə etiraf edilir Ki, qadın canlı bir gözəllikdir. Həp təbiət edir pərəstiş ona, Hamısından gözəl, fəqət, Durna. Həp çiçəklər onun gülüşləridir, Həp çəmənlər onunla süslənilir, Boş fəzalarda seyr edib uçuşan Bu mələklər xəyalı, kölgəsidir. Qəlblər, ruhlar, könüllər həp, Eşqə təslim olan bir ölkəsidir. Şairin, şerin həp ilahəsi o, Şeirlər, nəğmələr onundur hamı. Hər kəsin şərt-ilahi tapmasıdır. Əsil Allah bu, o biri yapmasıdır. 17 Üzüyor Qantemir düşündüyü bu, Inləyir sərt küləklərindən su. Bir qayıqla yaxınlaşıb yapıya, Bir buruq ip ilişdirib qapıya, Dırmanıb Qantemir, girir içəri. Dinmədən bircə-bircə pillələri Çıxıyor çox çapıq nəfəs çəkərək, Hər gördükdə bir azca əylənərək. Bir baxış... sanki seyr edir suları Yenə qalxır çapıq-çapıq yuxarı. Çal bığlar, çəkincə iç titrər, Enli alnından axmada tərlər. Qarışıq çöhrədə sevinc parlar; Parlayan gözlərində eşq oynar. 18 Əmrinə Durnanın boyun əyərək, Qantemir büsbütün əməl etmiş. Ikiillik əzabdan sonra Su içində bu dik bina bitmiş; Toplamış ölkəsində hər nə ki var Bacarıqlı, dəyərli sənətkar. Hamısından da çox çalışmış özü Eşqə təslim üçün coşan dənizi. Can çürütmüş, əzaba qatlanmış, Hər daşın göy yaşıyla islatmış. Iki il cansıxan uzun gecələr... Bir cəhənnəm otaq, yataq, hər yer. Iki il ayrılıqda çırpınaraq, Bəkləmişdir bu son günü naçar. Iştə son gün ki, bu bina bitmiş, Yenə axşam mayis... sevimli bahar. Əyərək Durna həp qəzayə boyun, Gecələr, uyğusuz, gündüz tutqun, Gözü ağlar nasıl ki, yazda bulud, Bağçalar həp gözündə bir tabut; Bir məzarlıq gözündə aləmlər, Yaşamış adətən cəhənnəmlər. İkiillik əzabdan sonra Əmrinin bitdiyin demişlər ona. Büsbütün əski xatiratə uyuq. Bu binaya bu gün çıxıb Durna, Baxıyor bir maraq ilə göydən, Baxıyor kainata yüksəkdən. Görüyor bir yığın ufaq komalar, Bəşərin ilk məzarı həp bunlar. Zəmilər, bağçalar ki, böylə geniş, Bir məzarlıq deyilsə, ya nə imiş? Həp bu insan nədir, tifil hərbi? Gəzişir bir yığın qarışqa kibi! Bunun ondan nə fərqi var, tək bir, İki, ya dörd ayaqlığındamıdır? Eşqlər, duyğular, düşüncə, bu qəm... Nədir, Allah, bu çarpaşıq aləm? Öylə açmış təsəvvüratı qanad, Oynayır sanki bir yüyənsiz at. Başqalaşmış gözündə həp dünya; Son dönüşdür bu, seyr edir guya. Görür insanların keçinməsini, Günəşin son şüası sönməsini. Hərəkətlər də sustlaşır artıq, Bir sükutə batıb gedir aralıq, Indi dammış sükunət hər yerdə, Eniyor kainata bir pərdə. Bir qaranlıq, ürək sıxan qaralıq, Daldı həp birdən uyquya varlıq. Yandı göylərdə göylərin çırağı, Indi ay doğdu, sanki qan çanağı. Durna artıq baxınmayır, dalmış. Bəkləməkdən vücudu sustalmış. Gözləyir göydə öz ərin – atasın, Ruhu dalğın, vücudu həp dalğın. 19 Qapını Qantemir açıb girdi, Durna diksindi, sıçrayıb durdu. Iki ildir görüşməmişlərdi, Hər baxış, san, bir incə xəncərdi... Qara gözlər dikildi Qantemirə, Sanki mızraq dayandı sərt dəmirə. Ilk əvvəl endi bir sürəkli sükut: Ata məhbut, qız da həp məhbut... Qantemir sonra, uslu, çox qorxaq, Cansıxan bir sükutə son qoyaraq: – Durna! Yavrum! Neçin donub qaldın? Pək üzüldün, neçinsə sustaldın! Durna durmuş bir incə sərtliklə, Dinməyir bir sükut içində hələ, – Nə gözəl bir qiyafət almışsan! Sən həqiqətdə pək gözəlmişsən! Ox! Bu paltar, yanılmayırsam əgər... – Anamındır, əvət, bu əlbəsələr; Doğrudur, Qantemir, xatırladığın. – Bu qiyafətlə kaş ki, bilsəydin, Nə qədər bənzəyirsən öz anana! – Bir zaman gənc ikən... Vuruldum ona... – Abşeron xanlığıyla çarpışdın... Bir təsadüf ki, sən əsir düşdün. – Demə, yavrum, yetər keçənlərdən... – Səni onlar da asmaq istərkən, Anam ancaq təsadüfən görmüş, Gecə gəlmiş... – Əvət, bəlalı bir iş – Uyuyurkən yanında bir cəllad, Səni dustaqdan eyləmiş azad. Xan qızıykən əsirə bağlanmış. Səni sevmiş, vəfalısan sanmış. – Onu mən son məzarədək sevdim. Onu hətta bu gün də... ah nə edim? Onu dünyaya bu gün dəyişməzkən... – Bircə sən, sən onun bərabərisən. – Izləyirkən sizi qızın atası, Söylə, batrıldı Abşeron adası... Qantemir xatirat içində haman Çeynəyir sanki varlığın qaplan. – Durna! Yavrum! Burax, danışma daha! – Üzülürsən, neçinsə, ha-ha-ha!.. Bax, bu süslər, bu gördüyün paltar Həp onundur, geyinmişəm nə ki, var. Qucacaqsan bu yadigarı... utan, Qantemir... iştə həpsi qandır, qan... – Durna... artıq bu sözlərin yersiz. Sən unutdunmu? Bağda verdin söz... Mən də, eşqim də suçluyuq bəlkə, – Andı qırmaq yaqışmayır türkə, “Olacaqdır?” – dedim, dedin: “Olacaq!” Mən bu dəryanı zorla susladaraq; Vermişəm bu binaya varsa nəyim, Hökmdarkən önündə indi nəyim? Məni heç bir səbəb utandıramaz, Eşqdən aşiqi usandıramaz. Hər şeyin varsa bir nizamı bu gün, Eşq üçün yox cahanda bir qanun. Qoy dağılsın bu varlıq övzüldən, Qalmasın bir iz ölkədən, eldən! Qaplasın qoy cahanı bir matəm, Göz yaşında boğulsun həp aləm! Qoy cahan dövrü saxlanıb dönsün! Yanmasın göydə bir ziya, sönsün! Bitməsin bir göyərti bir yerdə, Gülməsin bir çiçək çəmənlərdə! Ildırımlar vurub da, od, yansın. Yerə ensin nə varsa – ulduz, gün!.. Yerə qiyamət kəsilsin istər yer! Həp bu varlıq sükuta qoy dalsın, Dirilik məhv olub da sarsılsın! Qaplasın kainatı bir qaralıq, Bir xəyal olsun iştə həp varlıq! Ölüm açsın həyata qarşı yürüş, Ulasın hər tərəfdə bir bayquş! Qoy cahan bir məzara çevrilsin, Bəşəriyyət həyatı son bulsun! Yenə ruhum qımıldamaz əsla! Yenə eşqimdə sabitəm, Durna!.. Mən bu gün bir yabançı, sən bir qız, Iştə son gün, xatırla, verdin söz. Intixab et, önündə var iki yol: Ya bu gün öl və ya ki, təslim ol! – Andı qırmaq yaqışmayır türkə, Kim bilir, mən alışqanam bəlkə. Ona söz verdim öncə, son döndüm, Eşqə yandım, sonunda həp söndüm. Sənin eşqində bir zaman varkən, İncə bir duyğu, incə bir məna. Qantemir, indi sən nəsən, nəçisən? Adi bir ər, qadınçı bir sima. İkiillik öz iztirabımdan, Anladım mən nədir dəyərli həyat. Zövq alırkən bu göz yaşından mən, Sən... nədir eşq, duymadın heyhat! Boyun əymək bir ehtirasa fəqət, Kiçikləşmək deyilmi, təsdiq et! Bir zaman başqa bir ifadə ikən, Indi, sən... bax, bu daş, bu torpaqsan. Mən sənin eşqinin əsiriydim. “Səni sevdim!” xatırla, mən demədim. Doğru bir sevgi, bir gözəl sevda, O, edilməz bir ehtirasa fəda. Həp bu təhdid üçün səbəb nə imiş? Eşqə qarşı ölüm böyükmü bir iş! Mən sevirkən bir özgəsin gəldim, Yeni bir eşqə bağlanıb, öldüm; Mən yanıldımsa, fərq yox, hamı bir, Sən yaratdın, yaşatdın, həp öldür. İki şey səndə çırpınıb duruyor: Biri eşqindir, o biri nəfsindir. Ya tapın eşqə, yüksəlib mənim ol, Mənsiz ol, ya da nəfsə təslim ol! Məni əfsanələrlə doldurmaq, Bir taqım boş xəyala uydurmaq Bəlkə mümkün, fəqət nəhayətsiz Dolaşıb, bir nəticə bəkləməmək Heç də mümkün deyil; fəqət xoşdur Hər əzabın soniylə əylənmək. Ayrılıq, ağlamaq gözəldir, əvət, Bir vüsalın ümidi olsa fəqət. Həm də varlıq önümdə titrərkən. Bu cəsarətlə çox keçinməzsən. İki il bəklədim ki, son bir gün... Həp bu gündür, əvət bu qanlı düyün. – Qanlı, qansız əlimdəsən artıq; Ya mənimsən, və ya ki, yoxsan, yox! Qantemir gözlərində qan əsəri, Yürümək istəyirdi həp iləri; Durna ilk addımın onun görcək, Baxdı bir kainata pək ürək, Sanki bir quş gələn görüb qaçacaq, Sanki bir durna indicə uçacaq. Yapının son kənarına çıxdı, Bir də həsrətlə aləmə baxdı. Gördü əvvəl bulunduğu bağca, Yenə bir can sevən işıqlı gecə. Baxıyor Durna göy geyimli düzə, Baxıyor ta uzaq-uzaq dənizə; Düşüyor könlünə keçən işlər, Ax, sevimli, səfalı keçmişlər... Gecə, göy bağçalar, yaşıl bağlar, Sevdiyin bəkləyib duran çağlar, Xatırından keçir çocuqluğu həp, Anası, keçmiş evləri, məktəb. Gəliyor fikrinə haman o gecə, Həp nasıl da dayandığı ağaca. Atası, ah, haman gecə atası, Yada düşdükcə çırpınır nəfəsi. İki il sonra sürdüyü dəmlər, Qayğılar, duyğular, ağır qəmlər Qarşısından birər keçir bunlar, Gözü yox, ruhu büsbütün ağlar. Düşünüb inadı həp bir sözlə, Büsbütün məhv edib ata diləyin. Xatırat, ox... Aman, aman, dəhşət! Xatırat, ox... yaxıb tökür ürəyin. Yenə ay göydə durmada sabit... Yenə əvvəlki tək dəniz sakit. Yenə də bir ufaq qayıq üzüyor, Baxıyor, sanki son dönüş süzüyor, Büsbütün, büsbütün unutmuş özün, Baxıyor kainata pək dalğın. Duraraq parlaq ayla üzbəüzə, Baxıyor parlayan açıq dənizə. Uyuyor, qarşısında bir uçurum, Ah, bu parlaq suda nə dadlı ölüm!... O zamandan ki, sevdiyin qovmuş, O da kəndin bu Kaspidə boğmuş. Neçin, Allah, neçin? Səbəb o... əvət! Ah... nasıl qıydı da ona, dedi: “get!” Neçin əhd etdi, bəs neçin qırdı, Sevdiyin başqasıyçın öldürdü? O, həyatın bir eşq üçün verdi; O, igid, həm vəfalı bir ərdi. Ondan ayrı dayanmayıb getdi; Getdi, həp kainatı tərk etdi. Qantemir atmaq istəyirdi qədəm, Durna: – Ah, qorxma, sevdiyim, gəlirəm, Eşq üçün ayrılıq, ölüm bir gün, Məncə, ən dadlı bir xəyali düyün. Bizə bir gün düyün yapar sonda Ana Quzğun səfalı qoynunda. Ah, uçun! Ah, əzablar yuvası... Ah, bağışla, sevimli Qız qalası! – Deyərək, saçla örtüyor üzünü, Parlayan Kaspiyə atır özünü... Geyimin oxşadıqca yel guya, Axıyor göydə canlı bir xülya. Uçuyor həp, nasıl da söyləməli, Sanki bir şairin uçan əməli. Axıyor sanki pənbə bir röya Bir mələk, ya ki, canlı bir sevda Axıyor sanki bir axan ulduz. Bu uçan Durnadır, əvət, yalnız. Sanki göydən yerə xəyal uçuyor, Onu Quzğun dayanmadan qucuyor. 20 Yenə ay öz işıqların səpələr, Yenə oynar dənizdə ağ ləpələr. Yenə əvvəlki tək yerində qala; Bircə kim yox! Aman, yazıq Durna! 21 Daim ondan sonra bu ev məhzun, Indi ondan bu evciyəz küskün. Dörd yanından onun sular qurumuş, Yüksək evlər bütün onu bürümüş. Dövrəsindən gurultular soyumaz, O fəqət bunlara məhəl qoymaz. Ta o çağdan o kəndi Durnacığın Düşünüb durmada bu cür dalğın. Ta o çağdan özün unutmuş o, Başqalarçın çəkir fəqət qayğu. Ta o çağdan o, bir peyğəmbərtək Bəşərin halına yanıb acıyor. Zirvəsində fənər, uçanlar üçün Odlu bir ölkənin yolun açıyor. * * * Kitabxana.az · https://kitabxana.az/collections/cabbarli-poemalar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1934). Public domain (author died 1934). Original text only.