Satirik şeirlər Cəfər Cabbarlı (1899–1934) Şücaətim Vardır fəsahətim, bən özüm “nöqtəpərvərəm!..” Hər işdə mahirəm, hamudan “çox hünərvərəm?” Baş qaldıranları əkərəm bən yüzük kimi! Ustadi-kamil, ülumi-ələm, tərəffö zərgərəm!.. Hər səmtə bədlə dönərəm şiri-bidəqqəm... Vaqiədə, leyk qılıncı qırılmış Qəzənfərəm!.. * * * Əl götür Ay Baba, salma qalmağal, cövrü cəfadan əl götür! Dəng eləmə cəmaəti, cəbrü əzadan əl götür! Sən kimi çoxları gəlib, bənd eləyib cəmaəti, Hamısının çərən-pərən, boş danışıqdır adəti. Xalqa ziyan verib hamı, zaid edib şəqavəti; Boş yerə yorma ağzını, dadü nəvadan əl götür, Ay Baba, salma qalmağal, cövrü cəfadan əl götür! Bir kərə qan bu mətləbi xalqa ziyan verirsiniz, Molla gedir yemək üçün, siz ona yan verirsiniz. Biri bir iş görən kimi siz tez azan verirsiniz; Bu gözəl iş deyil, balam, molla, yavadan əl götür, Ay Baba, salma qalmağal, cövrü cəfadan əl götür! Iş o deyil bacarmayır Fatma ev içrə xidməti, Ondadır iş ki, Maryanın var bacısı, məlahəti, Heç kəs anlamır işin var belə gizli hikməti; Barı sən anla, ay Baba, bu ürəfadan əl götür, Anladın indi mətləbi, cövrü cəfadan əl götür! Intelligentlər hamısı qılmayır öz namazını, Bilməyir öz şəriətin, tanımayır da qazını Xalqa nə var ki, ay Baba, yırtır o öz boğazını; Bunlara bir nəsihət et, dadü nəvadan əl götür, Canına yazığın gəlib cövrü cəfadan əl götür! * * * Görməmişəm, eşitmişəm Xalq oturubdu bağçada badi-baharı gözləyir, Görməmişəm, eşitmişəm rahi-nigarı gözləyir. Intelligentlər alıb qoltuğuna nigarını, Seyr qılırlar bulvarı, həm də dəniz kənarını. Tez qayıdan kimi evə eyləyir öz naharını. Sonya xanımla əyləşib saqi-üzarı gözləyir, Qanmayır arü qeyrəti, sevgili yarı gözləyir. Alim olubdu bəzisi, yasin oxur babasına, Külçə görən kimi alıb, tez bürüyür əbasına, Bir baxınız bu yazığın başda olan havasına, Mülki-cahanı tullayıb, özgə diyarı gözləyir, Baği-behişti istəyib, çeşmi-xumarı gözləyir. Çoxları var ki, hey çəkir millətinin cəfasını, Suzi-dil ilə dinləyir naləsini, nəvasını, Heyf ola millət anlamır vay bunun iddiasını, Harda görürsə der: bular babıdı, narı gözləyir, Millətin ər cavanları zirveyi-darı gözləyir. Yoxdu qənilərin qəmi, eyləyir eyşi-işrəti, Millətin ehtiyacını görməyə yox bəsirəti, Bircə dilənçi görcəyin cuşə gəlir də qeyrəti. Kibrü qürur ilə gəzib, şəni vüqarı gözləyir, Baxmayır ac qalanlara, beş şahı varı gözləyir. Bax, küçələrdə seyr edir bir sürü xanimansız, Ac-yalavac zarıldayır arvad-uşaq gümansız; Millət ölür, təbib yox, can verir o, amansız. Sübh sağ idisə hələ vəxti-naharı gözləyir, Yoxdu təbibi-haziqi, künci-məzarı gözləyir. * * * Dübarə-səbarə Verir müsəlmanə yüz macəra dübarə-səbarə, Edir qəzetlər ona iftira dübarə-səbarə. Biri yazır ki: müsəlman qalıb cəhalət içində; Biri deyir: boğulur qızları səfalət içində. Yazır bir ayrısı: millət ölür zəlalət içində. Hələ “Babayi-Əmir” də çıxıb bu halət içində, Edə bu xalq gününü qara dübarə-səbarə Verir müsəlmanə yüz macəra dübarə-səbarə. Yalandır hər nə qəzetlər yazır, inanmayın anə, Olub müsəlman hamı suyi-elmü fənnə rəvanə; Nə qədər alimi-şair görün dolubdu zəmanə, Gətirdi bizləri, vallah, qəzetçi təngə, amanə. Qaçaq buların əlindən hara dübarə-səbarə? Verir müsəlmanə yüz macəra dübarə-səbarə. Baxın bu yanda “Nicat”ə, görün o yanda “Səfa”nı, Bu yanda “Nəşri-maarif” batırdı elmə cahanı, Hələ o yanda da “Xeyriyyə” söylə, varmı yalanı? Bu qədər babi-həmiyyət qalan millətdə bəs hanı? Qəzet yazır yenə çunü çəra dübarə-səbarə. Edir müsəlmana yüz macəra dübarə-səbarə. Deyir ki, milləti-islam xabi-nazə dalıbdır, Yalandı bu, hamı elmi əlinə müslim alıbdır. Dram cəmiyyəti gör, bir cahana lərzə salıbdır. Hələ bu opera cəmiyyəti o yanda qalıbdır. Qoyur hər həftədə beş opera dübarə-səbarə, Qaçaq buların əlindən hara dübarə-səbarə? * * * Qaç baba! Yatma, dəxi gözlərini aç, a Babayi-Əmir! Təzə danosbaz çıxıb, qaç, a Babayi-Əmir! Mən demədimmi sənə etmə bizi dəngəsər! Cəmləşib xalq hamı başını birdən əzər! Mən deyən olmadımı, oldumu, ya sərbəsər? İndi buyur... bax, yazılıbdır nələr? Yumma, dəxi gözlərini aç, a Babayi-Əmir! Durma, götür başını qaç, a Babayi-Əmir! Sən götürüb yazmışsan qızlara zülm etməli, Gündə çomaxla qızı hey döyüb incitməli, Qız nədi, məktəb nədi? Onlar hamı bitməli, Güclə, kötəklə bütün qızlar ərə getməli. Süzmə dəxi gözlərini, aç, a Babayi-Əmir! Şəlpələrin tez yığıb qaç, a Babayi-Əmir! Sən yolunu azmısan, anlamayırsan özün, Qol-qıçını sındıran xalqa deyirsən qızın, Qızlara insan kimi baxmamaq imiş sözün, ... Əfəndi bilib süzmə dəxi qaş-gözün, Kafir olub salmısan xaç, a Babayi-Əmir! Yumma, dəxi gözlərin aç, a Babayi-Əmir! Durma, şuluqdur işin, qaç, a Babayi-Əmir! * * * Yumruq (1) (1) Niyə salmışsan, adə, bir belə boş qovğanı, De ki, birdəfəlik almaq diləyir dünyanı. Var xəta bunda, canım, qoy əkilək burdan biz, Acığı tutsa, vurar başımıza qəlyanı. * * * Hürriyyəti-nisvançılara protesto Ay Baba! Gör Bakı, Şirvan, Quba alimlərini, Yığılıb boykot edirlər Ufa alimlərini. Qafqaz alimləri on beş gün ediblər şura, Çox götür-qoy eləyib söhbət edəndən sonra, Ufa alimlərini kafir ediblər zora. Barəkallah belə bir xeyir işə ura, ura!... Ay Baba! Gör Bakı, Şirvan, Quba alimlərini, Yığışıb boykot edirlər Ufa alimlərini. Buna kim yol verəcəkdir ki, qız olsun muxtar, Kişilər eyləsin insan kimi qızla rəftar? Sonra on yaşlı qızı altmışillik kaftar Ala bilməz, a canım, boşdu bütün bu koftar. Budu vadar eləyibdir Quba alimlərini, Yığışıb boykot edirlər Ufa alimlərini. Qıza layiq deyil aləmdə hüququn alsın, Qız gərək güşeyi-zillətdə müdamən qalsın. Gündə on dəfə onu ər ağac altda salsın, Şərimiz böylədi, lazımdı bu cür də qalsın. Budu vadar eləyibdir Quba alimlərini, Yığışıb baykot edirlər Ufa alimlərini. Qızlar aldı bu hüququ belə bir fərz edərik, Qeyzə gəldikdə ev içrə kimi sonra deyərik? Döyərik, öldürərik, zülm edərik, incidərik?! Biz qələt eyləyərik böylə işə hə deyərik! Biz də təhsil edirik bu Quba alimlərini, Çox gözəl boykot edirlər Ufa alimlərini. Qıza lazımdır otursun ev içində keşiyə, Bu nədir, qız oxusun, sonra da çıxsın eşiyə. Qız gərək bozbaşa baxsın, ətə baxsın, pişiyə; Ərini görcəyin atsın özünü bir deşiyə. Ay Baba! Gör Bakı, Şirvan, Quba alimlərini, Yığışıb boykot edirlər Ufa alimlərini. Bu zərərdir hələ lap mollaların özlərinə, Hürr qızlar, oxumuşlar baxamaz üzlərinə, Sahib olmazlar dəxi xalqın uşaq qızlarına. Öz əlilə kim vurar baltanı öz dizlərinə? Ay Baba! Gör Bakı, Şirvan, Quba alimlərini, Yığışıb boykot edirlər Ufa alimlərini. * * * Gəlir “Abdulla Cövdət” həzrətlərinə bənzətmə Zurnaçı toyda zurnasın çalsa, Orda bir az da vodka da olsa, Guşimə “Sonya”nın sədası gəlir. Millətim xar olub əzildikcə, Ac yetimlər nəvası gəldikcə, Guşimə “Sonya”nın sədası gəlir. Millətə qəm olursa rahnümun, Hamısın birdən etsələr mədfun, Guşimə “Sonya”nın sədası gəlir. Asimanda “Çapellin” uçduqca, Xalq qırğın salıb vuruşduqca, Guşimə “Sonya”nın sədası gəlir. Millətin başına kül olduqca, Hamı qəri-məzarə dolduqca, Guşimə “Sonya”nın sədası gəlir. Bulvarı seyr edən adamlardan, Ruhə ləzzət verən madamlardan Guşimə “Sonya”nın sədası gəlir. Zurnanın xunksar havasından, Bakıda milyoner balasından Guşimə “Sonya”nın sədası gəlir. Millətin “aktyor” dəhanindən, Şairindən, filan-filanindən Guşimə “Sonya”nın sədası gəlir. * * * Qiyamətmi qopar Xalq oyandı, biz hələ yatsaq, qiyamətmi qopar? Kef edib, meymun-zad oynatsaq, qiyamətmi qopar? Pul bizim, bulvarda qız, yollar açıqdır getməyə; Dağ duman, əlvan tuman, höcətmi var fikr etməyə? Maryanı xoşhal edib zövqü səfaya yetməyə, Fatmanı evlərdə ağlatsaq, qiyamətmi qopar? Beşcə gün dünyada kefdən başqa bir şey qanmarıq, Yüz min il çalsa qəzetçi zurnasın, aldanmarıq, Pul qurtarsa, oğurluq vardır, məəttəl qalmarıq, Evdə boşqab, nimçəni satsaq, qiyamətmi qopar? Əcnəbi getdi qabaq, ay qəzetçi, mənlik nə var? Qoy gedir, bir daş dalınca, bizlərə vardır nə ar? Fikr edib kəşti çıxardar, pul verib olluq suvar, Pul verib başların aldatsaq, qiyamətmi qopar? Harda biz aciz müsəlman görsək, ani bizlərik. Qız nədir, arvad nədir, hər kəs danışsa, dizlərik; Kani-hümmət, kani-qeyrət, kani-şəfqət bizlərik, Arı namussuzluğa qatsaq, qiyamətmi qopar? Leyk min alim əgər mənbərdə olsa bərqərar, Söyləsən: cəhd eyləyin, əldən gedir namus, ar. Əkşi, axmaqsan, nəsən? Biz Maryadan olluq kənar? Qeyrəti, namusu lap atsaq qiyamətmi qopar? Kim Tükəzbanla otursa, evdə bir gün görməyir, Işvə bilməz, qəmzə bilməz, eyşü işrət bilməyir. Maryanın nazilə gülmür, həm bizi güldürməyir, Biz də kamə, ay Baba, çatsaq, qiyamətmi qopar? * * * Birbəbir Ay Baba, gəl deyim sənə dövri-zamanı birbəbir, Sən say əlinlə, mən deyim yaxşı, yamanı birbəbir. Əvvəli bu qəzetçi də sanki edibdi məsləhət, Molla, plovdu, hey yazır, başına söz olub qəhət. Gündə bu molla söhbəti, gündə oruc sözü, əvət, Mən bilirəm ki, bunların yazdığına nədir cəhət, Taki, bu molla yazığın boş qala yanı birbəbir. Qəzetçinin də arta ta qəzet alanı birbəbir. Indi bu molla da daha ağzın açıb şikayətə, Zorba xitabələr yazıb, nəşr eləyib cəmaətə; Ondan əlavə məscidə kim ki, girə ibadətə, Söyləyir: adə, köhnələr, səbr yetib nəhayətə. Küçədə axtarıb tapın qəzet yazanı birbəbir, Öylə vurun ki, hamının qoy çıxa canı birbəbir. Qəzetçi bildiyi kimi tazələri yığışdırıb, Mollaların hücumunu dəf üçün hamısı durub. O vurub, molla qışqırıb, molla vurub, o qışqırıb, Qəzetçi molla yazığın ağzını lap ovuşdurub, Indi yazır əski qapı, əski dabanı birbəbir. ..................................... Yaxşı baxanda qızlara qəzetçi bihesabdır; Mollanın isə məqsədi, fikri, plov kababdır. Əkşi, sənin də içdiyin hamı bilir şərabdır, Tiri gözündə görməyir, özgədə geysuyabdır. Indi, hərif, söyləyim yerdə qalanı birbəbir, Xalqa yazan çərən-pərən, yalan-palanı birbəbir. Doğrudur, bu xalqa bəzi sözləri siz deyirsiniz, “Dini, şəriəti tutun” moizə eyləyirsiniz, Leyk, hərif, söz özünüz əksinə eyləyirsiniz, Xalqa “oruc yemə” deyib, siz özünüz yeyirsiniz, Razımısan deyim hələ filan-filanı birbəbir, Indi, hərif, sən də de, varsa yalanı birbəbir. * * * “Mehtər Nəim”ə Eyləmə çox dadü-fəryadü-nəva “Mehtər Nəim”! Ümməti-islamı tutmaz heç Süratəlmüstəqim. Söyləyib millət sözün sübhi-məsa dad eyləmə! Millətin keçmişlərin barmaqla tedad eyləmə! Milləti-qafil iştəmir sən də ki, fəryad eyləmə! Çox da kəskinləşdirib əşarını ad eyləmə, Eyləmə çox dadü-fəryadü-nəva “Mehtər Nəim”! Ümməti-islamı tutmaz heç Süratəlmüstəqim. Ay əfəndim! Millətin yoxdur həyadan qisməti, Zəlamü cövrü cəbir zillətdir müdam sənəti. Xoşlamır düzgün həyatı, xoşlayıbdır bədəti. Sən ha qışqır, bir çağır! Vallahi yoxdur qeyrəti, Eyləmə çox dadü-fəryadü-nəva “Mehtər Nəim”! Ümməti-islamı tutmaz heç Süratəlmüstəqim. Söyləmə bielmlikdən millətim oldu zəbun, Cəhli dağın tişeyi-fəryadi yetməz sərnigün Cəhli dağı bir quru şeydir: degildir Bisütun Istəyorsan xalidun yaz, fadxülun yaz, yədxülun! Eyləmə çox dadü-fəryadü-nəva “Mehtər Nəim”! Ümməti-islamı tutmaz heç Süratəlmüstəqim. Millət ancaq “feyma”nın köftarına guş eyliyor, Restoranlarda şərabi-badəni nuş eyliyor, Qəmzeye dilbərmi və nab onu bihuş eyliyor. Sən çağırdıqca, o ancaq yarı bir duş eyliyor. Eyləmə çox dadü-fəryadü-nəva “Mehtər Nəim”! Ümməti-islamı tutmaz heç Süratəlmüstəqim. Gər alimi-şair olsa, yazsa suzişli kəlam, Söyləsə ey “of”i, ya “iskiy”, ya xəlqi-əvam! Olmayun aludə keyfə, cəhlə sühbi-şam. Eyləməz təsiri əsla məst olublar batamam. Eyləmə çox dadü-fəryadü-nəva “Mehtər Nəim”! Ölsə də tapmaz bu gülüşləri Süratəlmüstəqim. * * * Səbətə ithaf Görüm olsun o qamışlar sənə peykan, a səbət! Verməyirsən mənə göz açmağa imkan, a səbət! Çəkirəm hərdən on-on beş gün azından zəhmət, Yeddi-səkkiz kitaba baxhabax, eylə diqqət, Hər kitabdan alıram bir-iki söz, bir söhbət, Yazıram, göndərirəm şeir, alım bir şöhrət. Yazdığımdan oluram sonra peşiman, a səbət! Hamı yazdıqlarım olmuş sənə mehman, a səbət! Şerimin çox sözü farsi, ərəbidir, rusi; Türki azdır var isə, ancaq ol da məxsusi; Deyirəm şerimə həsrət qalacaq Firdovsi, Çün səşənbə toxunur çeşmimə posta qutusu, Sustalır əldə qələm, qəlbim olur qan, a səbət! Kim məni etdi səninlə belə üdvan, a səbət! Bilmirəm mən nə yazım bəlkə bəyənsin bu müdir, Nə ki zəhmət çəkirəm hamısı bibəhrə gedir. Şerim axır səbətin lap dibinə seyr edir, Vallah, bir dəfə sənin belinə sallam kəndir, Ataram təndirə, sonra deyərəm yan, a səbət! Necə ki, etmiş idin sən məni büryan, a səbət! Adını harda eşitsə, saralır şairlər, Nə ki şeir oğruları, bəlkə böyük mahirlər. Mən bilən səndə yatıb çox yekəbaş mayirlər, Tapdılar, bilmirəm, hardan səni bu kafirlər? Səni icad eyləyən xanəsi viran, a səbət! Görüm olsun baş-ayaq vasili-niran, a səbət! Daha sən təngə yetirdin bizi, ey bivicdan, Hər nə yazdım “rabatay” hamı səbət oldu, dayan; Nadürüstlük malısan, bizlərə vermirsən aman, Nə bəlayi-bəd olubsan, bizə, rədd ol burdan! Vallah, çernil qurudu, sındı qələmdan, a səbət! Qənim olsun sənə ol xaliqi-sübhan, a səbət! * * * Bilməsəydi Dövran edərdi dövrün, rəftar bilməsəydi, Gündə günah edərdim, qəhhar bilməsəydi. Hər nə desəydi Zina, mən səbr edib dözərdim, Dünya adamlarından lap ülfəti üzərdim, Zinanı sinəm üstə, vallah, qoyub gəzərdim, Amma məni o zalım mındar bilməsəydi. Hər nə desə, onunçün dərhal mən alardım, Versə riza, yanında məskən salıb qalardım; Lap küçədə gəzəndə qol boynuna salardım, Lakin məni bu məxluq dindar bilməsəydi. Pul qurtarınca dərhal mən oğurluq edərdim, Gündə adam soyardım, xalqın ətin didərdim. Çox işlərin dalınca mən xəlvəti gedərdim, Amma Babada”Şəbrəng Əyyar” bilməsəydi. Dini-zadı atardım, tək Zinanı tutardım, Ondan ötrü həyatı, namusu da atardım, Vallah ki, pul qurtarsa, lap börkümü satardım, Amma məni xəlayiq biar bilməsəydi. Bilməm nə var bu xalqa daim edir məzəmmət, Illah ki, bu qəzetçi bilmir həyavü hörmət, Lap cini aldadardım, düşsə əlimə xəlvət. Təzəpirin yanında cindar bilməsəydi. Daim oruc yeyərdim bir gizli restoranda, Xalqa tutun deyərdim, vardır oruc, Quranda. Lakin oruc yamandır, derdim urus soranda, “Babi-Əmirdə” Əyyar – qəddar bilməsəydi. Mümkün deyildir hərgiz bu arzular, ey dil, Varkən Baba, bu işlər müşküldü, xeyli müşkül Xalqı soyub, puliylə Həccə gedirdim, hər il Əhli-behişt olardım, gər nar bilməsəydi. * * * Yumruq (2) (2) Orucluqda qumarbazlıq, bunun var özgə bir dadı, Məhərrəmdə... bazlıq, keçir ləzzətdə hər zadı! Nə var, ay bixəbərlər, tutmusuz Hürzadı, Pərzadı? Cahanda qəm çəkib, fikir eyləyib, dad etməyə dəyməz! * * * Tövbə Tövbə... ey mollanümalər, sizə ağ olmağıma, Çox təəssüf edirəm sizdən uzaq olmağıma. Məni bu qəzetçi aldatdı, yolumdan azdım, Öz əlimlə özümə çahi-bəlanı qazdım Hər nə gəldi əlimə, sizlərə böhtan yazdım: Olsa idim sizə tabe bu cürə olmazdım. Tövbə... ey mollanümalər, sizə ağ olmağıma, Çox təəssüf edirəm sizdən uzaq olmağıma. Siz deyən sözlər hamı doğrudur, indi qanıram, Qanıram, sizdən uzaq olmağıma çox yanıram, Hər nə mən sizlərə böhtan demişəmsə danıram; Sizi bundan sonra mən sadiqi-dövran sanıram, Tövbə... ey mollanümalər, sizə ağ olmağıma, Çox təəssüf edirəm sizdən uzaq olmağıma. Siz deyirdiz ki, nə lazım qızı insan bilmək, Əşki-xunbarını ya şəfqət əlilə silmək, Qızın hər bir işini Tanrı salıbdır ilmək, Onun hər rəncü əzabinə gərəkdir gülmək, Tövbə... ey mollanümalər, sizə ağ olmağıma, Çox təəssüf edirəm sizdən uzaq olmağıma. Qızı döyməkliyə, söyməkliyə verdiz fərman, Öldürün qızları, onlar ki, deyillər insan. Buna mən şəkk eləyib etməyir idim iman, Indi əlhəq qanıram, vardı sübutum əlan. Tövbə... ey mollanümalər, sizə ağ olmağıma, Çox təəssüf edirəm sizdən uzaq olmağıma. Mən də bundan sonra zülm eyləyərəm nisvanə, Deyərəm, öldürərəm, yəni gətirrəm canə. Əzərəm baş-gözünü, baxmaram heç vicdanə Tövbə... tövbə, yenə tövbə, gəlirəm imanə. Tövbə... ey mollanümalər, sizə ağ olmağıma, Çox təəssüf edirəm sizdən uzaq olmağıma. * * * Olmağa Ay Baba, mən bu sözü yardım əyan olmağa, Bakılılar and içib şiri-jəyan olmağa. Köhnələrin hamısı bu işə etmiş qiyam, Güclülər acizlərin baş-gözün əzsin tamam. Bu işi bərk tutmağa razı olub xasü am. Başlayıb acizlərin baş-gözü qan olmağa, Bakılılar and içib şiri-jəyan olmağa. Sonra bu şairlərin hamısını döyməyə, Şairə şey satmayıb, lap üzünə söyməyə; Çünki olar qoymayır xalq özünü öyməyə, Hamısı məhkum olub həsrəti-nan olmağa, Bakılılar and içib şiri-jəyan olmağa. Bir də bu məktəblərin hamısını yıxmağa, Həm də müəllimlərin burnunu bərk sıxmağa, Qət eləyib cümləsi şəhri qoyub çıxmağa, Dağlı kimi dırmaşıb dağda çoban olmağa, Bakılılar and içib şiri-jəyan olmağa. Sonra da bu tazələr böylə ediblər yəmin, Hamısı tərk eyləsin möhnəti, dərdü qəmin, Maryanı bərk-bərk tutub, evdə ata həmdəmin, Çox-çox içib vodkanı gündə piyan olmağa, Bakılılar and içib şiri-jəyan olmağa. Mən də ki, and içmişəm bir də “Qəyur” olmayım. Indi ki, yoxdur yerim, göydə tüyur olmayım, Səhni-səmadan düşüb əhli-qübur olmayım. Olmayıram mən qəyur, dərdə nişan olmağa, Mən oluram kəmşüur sahibi şan olmağa! * * * Şair və artist Ş a i r – Adə, artist əmoğlu, bu nə işdir a balam? A r t i s t – Hansı iş, şair əfəndi? Bizim Kərbəlayı Qulam? Ş a i r – Bığların harda qalıb? Yoxsa qoyubsan evdə? A r t i s t – Millətin nəfinə saqqal, bığı lazımdı yolam! Ş a i r – Bığa bax, saqqala bax, ay bərəkallah belə baş? A r t i s t – Şerə bax, şairə bax, başına düşsün yekə daş. Ş a i r – Bu sifətlə özün insan sanır, a başına kül!.. A r t i s t – Yazdığından necəyəm: pis deyiləm ki!.. Di çəkil. Ş a i r – Millətin boynuna minnət də qoyur tülkü sifət. A r t i s t – Sənə nə, sən nə deyirsən, çıxa canın uzan öl. Ş a i r – Yarım arşın saça bax, ay bərəkallah belə baş! A r t i s t – Baş deyil, lap küdüdür, üstünə düşsün yekə daş. Ş a i r – Yaxşı gəl əyri otur, düz danışaq, ay mirzə! A r t i s t – Bən ki, bir söz demirəm, sən danışırsan hərzə. Ş a i r – Hərzəgu lap babanın babasının babasıdır. A r t i s t – Çox uzaq getmə, əlindən suda verrəm ərzə. Ş a i r – Sən də donosbaz imişsən? Bərəkallah belə baş! A r t i s t – Bərəkallah başına! Üstünə də bir yekə daş. Ş a i r – Yaxşı, bir söylə görüm, millətə verdinmi səmər? A r t i s t – Bu nə sözdür? Oyun bir həftə çıxır, yoxdur nəfər. Ş a i r – Pulu bəs kimlərə çatdı o tiyatorlarının? A r t i s t – Özümə, lap özümə! Qeyrisi də vardı məgər? Ş a i r – Çox gözəl xidmət imiş, başına düşsün yekə daş. A r t i s t – Sən özün böyləmisən millət üçün, ay yekəbaş. Ş a i r – Bən də şair babayam, şeir yazıb nəşr edirəm. A r t i s t – Yaxşı, bir azca tez ol! Yoxsa işim var gedirəm. Ş a i r – Bəs dayan di, hara qaçdın? Qutarım söhbətimi. A r t i s t – Sonra, sonra gələn həftə, bu qızı bən görürəm. Ş a i r – Yeri bulvar qoduğu! Bəs qız üçünmüş bu təlaş? Millətin aktyoru! Ay bərəkallah belə baş! Qız dalınca yügürür. Başına düşsün yekə daş. Hatifi-Qeybi bulardan gözləmək imdad əbəsdir. Çağırma: “Milləti-biçarə” – bəsdir!!! * * * Dağlılar Ay Baba! Hər yerdə sənin əyyarların xəbər yazıb göndərirlər. Bircə dağlar qalmışdır. Onlardan heç kəs bir xəbər bilməyor. Çünki dağlılar öylə cəngavər qövmdür ki, qorxudan kimsə onlara yaxın düşə bilməyorki, işlərindən bir xəbər bilsin. Əmma necə olduysa bu günlərdə bən bədbəxt gəlib nagahan dağlıların arasına düşdüm. Gözümü açıb özümü Dağlı məhəlləsində görcək igidliyimi yığışdırıb, istədim mayallaq vurub bir ayrı məhləyə düşüm ki, dağlılar bəni görməsinlər. Amma yenə dedim: Lənət kor şeytana!.. Dayan, bunların da işlərindən bir xəbər bil! Belə qət elədim ki, gedim bunların məscidinə: Həmi cəmaət namazı qılım, həm də məscidlərdən bir xəbər bilim. Bən öylə bilirdim: orucluq ayı, ehya günü, günorta vəqti, böylə bir gündə məscid açılmamış, nə vəqt açılacaqdır?.. Müxtəsər, gəlib məscid həyətinə daxil oldum. Hər nə qədər axtardımsa, bir damcı su tapmadım, öz-özümə dedim: yəqin hər kəs öz evindədəstəmaz alub gəlir. Məscidə tərəf baxıb gördüm: Paho... məscid bağlı! Qapısında da bir dənə zorba, paslı qıfıl var!.. Pəncərənin qabağında 7-8 dənə siçan çomur-çomur oynayırlar. Dərhal anladım ki, məscidin rəisləri çox insaflı adam imiş! Çünki məscidi açsaydılar, bu siçanlar narahat olardılar. Axşama qədər gəzdim, qayıtmaq istədikdə 15-ə qədər dağlılara rast gəldim. Hərəsinin əlində zəncir olduğu halda “Şirvanlı” məscidinə gedirdilər. Birisinə yaxınlaşıb dedim: Allah sizin rəislərinizə əcr versin çox... O biri bənə çatıb soruşdu: Sən kimsən?Dedim “Babayi-əmirin Əyyarlarındanam!” Bunu eşitcək on beş adam düşdü üstümə: Bənə zəncir... bənə zəncir... Gördüm ki, işim yaşdır, tez başımı ayağımın altına qoyub öylə atıldım ki, bir vəqt ayılıb gördüm. Çənbərəkənd qəbiristanlığındayam. O yan-bu yana baxıb gördüm heç kəs yoxdur. Yavaş-yavaş şairliyim coşa gəldi. Dərhal bir çöldə qalmış müsəlman ayağını qapıb daşa bu sözləri yazdım. “Hər kəs inanmayorsa gedib oxusun”. Harda qaldı bəs çarıq, xırman, yaba, ay dağlılar! Bərəkallah, bərəkallah, mərhəba, ay dağlılar! Bən dedim atınız yabanı, elmə eylərsiz həvəs, İstiyorsunuz əgər müsəlmanlara səsbəsəs, Bən bu işdən qorxur idim, qalmış idim binəfəs. Yaxşıdır, bilmişsiniz kəndiniz ürfandır əbəs Harda qaldı bəs çarıq, xırman, yaba, ay dağlılar? Bərəkallah, bərəkallah, mərhəba, ay dağlılar! Büsbütün unutmuşsunuz əldə tapança, xəncəri, Sirr edirsiniz Rüstəm duran kimi hər bir yeri, Qeyrət üstündə mat etmişsiniz şirü-nəri. Adə zalımlar! Tamamən titrədirsiz yerləri, Əhsən! Əhsən! Bir də əhsən! Mərhəba, ay dağlılar! Harda qaldı bəs çarıq, xırman, yaba, ay dağlılar? Qeyrət təqsim edəndə sizlərə çatmış tamam, Kani-hümmət, kani-qeyrət dağlılardır xasü am. Qan töksəniz, oğruluqdur sənətiz hər sübhi-şam. Cəhd ediniz ta əldə qalsın bu gözəl işlər müdam. Harda qaldı bəs çarıq, xırman, yaba, ay dağlılar? Bərəkallah, bərəkallah, mərhəba, ay dağlılar! Məscidiniz bağlı, siçan oynar içində sərbəsər, Məscidə hər qədər baxdım: yoxdur insandan əsər, Məscidə getmək nədir? Insan olan kəs baş kəsər! Düz yolu tapmışsınız hər bir cəhətdən müxtəsər. Harda qaldı bəs çarıq, xırman, yaba, ay dağlılar? Bərəkallah, bərəkallah, mərhəba, ay dağlılar! * * * Böhtan yazılıbdır Bu söz, a Baba, bizlərə çoxdan yazılıbdır, Hər nə yazılıbsa, hamı böhtan yazılıbdır. Bəsdir daha tənqid elədin xas ilə ami, Çox yazma, danışma daha, tul etmə kəlamı, Təngə gəlib istər axundu, istər əvamı, Çün hər birinə bir yekə dastan yazılıbdır, Hər nə yazılıbsa, hamı böhtan yazılıbdır. Bu barədə bədnam elədin molla Babanı, Zalım kişi, təngə gətiribsən bu cahanı, And içmiş əlindən dəxi bu xalq nəhanı. Dur qaç, a Baba, qətlinə fərman yazılıbdır, Qatilliyə bir sahibi-iman yazılıbdır. Əkşi, nə işin molla olub maili-ehsan, Hər gün sənə nə, dolma yeyir, yağlı fisincan. Sən də, hünərin varsa, buyur ye, a gic insan! Molla belədir, alnına ehsan yazılıbdır, Hər nə yazılıbsa, hamı böhtan yazılıbdır. Qəyyum deyilsən ki, bizimçin çalışırsan, Biz bir pis iş etdikdə nöyüt tək alışırsan. Əkşi, sənə nə, sən niyə boş-boş danışırsan?! Zalım, deyəsən, bizlərə sultan yazılıbdır, Konsul yazılıb, bəy yazılıb, xan yazılıbdır. Dərya ola çernil, yazasan min dənə peyman, Ölsən də ki, molla yeyəcək hər gecə ehsan. Əkşi, sənə nə? Molla yazıq ölsün acından? Kim baxmaz ona vasili-niran yazılıbdır, Hər nə yazılıbsa, hamı böhtan yazılıbdır. * * * Görməkdəyəm Milləti-məhzunu binitqü nida görməkdəyəm, Mübtəladır cəhlə, dərdin bidəva görməkdəyəm. Bağlamaq bel ya güvənmək çox çətindir zahidə, Var itilgetməz beş-on cüt, yox olardan faidə! Onlara içki-qumar olmuş pozulmaz qaidə. Hamısın millət işində biəda görməkdəyəm, Milləti-məhzunu binitqü nida görməkdəyəm. Millətin çox yarısı hambaldır, palan ilə gəzir, Üçdədördü falçı, rəmmaldır, yalan ilə gəzir, Bir çoxu seyidnümadır, kim fəğan ilə gəzir. Cümləsin rahi-həqiqətdən cida görməkdəyəm, Milləti-məhzunu binitqü nida görəmkdəyəm. Milyonerlər Zinkanın eşqində olmuşlar cünun, Hacılar Arşaq deyib dad eləyirlər qəlbi xun. Əcnəbilər kandarında binəvalar gör zəbun. Cümləsin mən əcnəbilərçin gəda görməkdəyəm, Milləti-məhzunu binitqü nida görməkdəyəm. Bircə bax bədbəxtliyə bu qəzetdə bihal olub, Mey yazır, dilbər yazır, şair bizə dəllal olub, Bu mühərrir də danışmaz zalım oğlu, lal olub. Cümləsin millət yolunda bisəda görməkdəyəm, Milləti-məhzunu binitqü nida görməkdəyəm. Ay Baba, sən söylə bari millətin kirdarını, Sürt üzünə çernili, tənqid elə hər karını, Sən də, şair, söyləmə yarın ləbi-gülnarını, Milləti onsuz da şürbə canfəda görməkdəyəm, Milləti-məhzunu binitqü nida görməkdəyəm. Yazgilən arsızları, görcək bərəltsin gözlərin, Boynu şalbandan yoğundur, seyyidin, yaz sözlərin. Müftəxordurlar axundlar, bəsləyirlər özlərin. Mollalarımızdan çoxun mən bixuda görməkdəyəm, Milləti-məhzunu binitqü nida görməkdəyəm. Görmüşəm, görməkdəyəm, görrəm durunca ruzigar, Etməyir saziş onunla çərxi-dövri-kəcmədar. * * * Qızlardan kişilərə protesto Ay Baba, bu evdə oturmaq nədir? Bizlərə zindan çətindir, çətin! Bəs ki, özün yaxşı bilirsən bunu, Haləti-nisvan çətindir, çətin! Lap kişilər təngə gətirdi bizi, Lobya, noxudvarı sanırlar qızı, Ay Baba, bu əsrdə tapmaq düzü, Sahibi-vicdan çətindir, çətin! Qız döyülür, qız söyülür hər zaman; Oldu qızın halı yamandan yaman! Bəsdi daha, ay kişilər, əlaman! Bizdə qala can çətindir, çətin! Tanrı bizi qul yaradıbmı sizə? Kim buyurub cövrü cəfa qıl qıza? Böylə keçərsə, durarıq lap üzə, Zülm ola hər an çətindir, çətin! Altmışillik pəzəvəngin biri, Heç özü bilməz ölüdür, ya diri, Yeddi yaşında qızın olmuş əri, Vallah, bu nisyan çətindir, çətin! On iki yaşlı gözəl oğlan əgər, Altmış il hey döyülə sərbəsər, Altmışillik qarıya olmaz ər, Çünki bu fərman çətindir, çətin! Biz daha anlamışıq hər işi, Zar olacaqdır əlimizdən kişi, Dinsə, başından vurarıq biz şişi, Olmasa insan, çətindir, çətin! Biz nə qədər səbr eləyək zillətə, Cövrü cəfavü ələmü möhnətə? Haydı, qadınlar, çataq hürriyyətə! Qalsa bu dövran, çətindir, çətin! Indi xəbərdar edirik ərləri, O yekəqurşaq, yekə peysərləri, Xoşluq ilə açmasalar dərləri, Sağ qala dərban, çətindir, çətin! Özləri min yerdə çəkirlər səfa, Bizlər üçün günbəgün artır cəfa, Indi ki yoxdur kişilərdən vəfa, Qaçmasaq ondan, çətindir, çətin! Söyləməsək biz də uruslar kimi: “Von kişi, burdan!” çətindir, çətin! * * * Kontorçularımız Aman, kantorçularımız, dad sizdən, Bizi zar eylədiz, fəryad sizdən! Nə üçün bizlərə yer verməyirsiz, “Bizə lazım deyil müslüm” deyirsiz, Uşaqlar ac qalıb, rəhm etməyirsiz? Gözəldir, vallah, bir cəllad sizdən, Aman, kantorçularımız, dad sizdən! Acından qırmaq istərsiz bizi siz; Məgər bir əcnəbidən tənbəlik biz? Veriz beş yüz yerinə bizlərə yüz... Çətindir gözləmək imdad sizdən, Aman, kantorçularımız, dad sizdən! Gedirsən, yalvarırsan, yalvarırsan, Papağın xaki-payinə salırsan, ... tək qışqırır, lap mat qalırsan. Aman, kantorçularımız, dad sizdən! Gözəldir bizlər üçün yad sizdən! On il təhsil edib, qal həsrəti-nan, Canın çıxsın, müsəlmansan, müsəlman; Gedib sal başına bir zorba şalban. Aman, kantorçularımız, dad sizdən! Sözüm yoxdur daha, fəryad sizdən! * * * Namə (Yekəpər, kəlləpeysər bir molla döşək üstə oturmuş, dizində kağız, gözündə eynək, başında kələm, əlində qələm özü kimi bir mollaya kağız yazır): Aşna, çox xoşdur bu dövran, mən bilim qoy, bir də sən, Layla çal, yatsın müsəlman, mən bilim qoy, bir də sən. Salma səs, xalqı oyatma, iş düşər çox əngələ, Bərk yatıb islam, oyanmaz yerlər etsə zəlzələ. Layla çal qoy bir qədər yatsın, uşaqdır çün hələ, Böylə dövran lap qiyamət qopsa da düşməz ələ. Gündə on beş yerdə ehsan, mən bilim qoy, bir də sən, Layla çal, yatsın müsəlman, mən bilim qoy, bir də sən. Söylə mövhumatı, qoy məxluq düşsün heyrətə, Söylə, zülmü, tarı qismət eyləmişdir övrətə, Arvadı incitməyi isnad versin qeyrətə. Qorxma, jurnallar nə yazsa kar eyləməz millətə. Lap qırılsa evdə nisvan, mən bilim qoy, bir də sən. Layla çal, yatsın müsəlman, mən bilim qoy, bir də sən. Söylə mövhumatı, Adəmdən tutub bu əsrədək, Vaxtımız çoxdur hədisbazlıqdan ötrü həsr edək. Xəlqin əqlin çaşdıraq, vardırsa bir az, kəsr edək. Döndərib bu sayədə köhnə komanı qəsr edək. Toz tutarsa evdə Quran, mən bilim qoy, bir də sən, Layla çal, yatsın müsəlman, mən bilim qoy, bir də sən. Siğə təklif eylə xalqa, qoy hamı sevsin səni, Noxtala ha, mən biləndir, çək bir Iran ölkəni, Kimdə gördün var fərasət, söylə bu olmuş yeni, Tez bir ad qoy – babidir de, lap cuhuddur, erməni Olsa da həqgu bir insan, mən bilim qoy, bir də sən, Layla çal, yatsın müsəlman, mən bilim qoy, bir də sən. Al zəkatı-xümsü, onlar bizlərə məxsusdur, Bivələr, baxma həyatından hamı məyusdur. Hər biri gördün gözəldir, siğə qıl, namusdur Qaldığı qoy ac otursun, qisməti əfsusdur. Versələr də ac-susuz can, mən bilim qoy, bir də sən, Layla, çal, yatsın müsəlman, mən bilim qoy, bir də sən. Cəhd elə, ta qoyma millət bir ayılsın xabidən, Hökm elə şairlərə yazsın şərabi-namidən. Hər mühərrir dinsə, döydür, taki düşsün tabidən. Qoyma millət bir də çıxsın düşdüyü girdabidən. Çırpınır zillətlə hər yan, mən bilim qoy, bir də sən, Layla çal, yatsın müsəlman, mən bilim qoy, bir də sən. * * * Qızıma Fikrini vermə nə elmə, nə də ürfanə, qızım! Çoxdur elmin zərəri din ilə imanə, qızım! Oxuyub elmi, evin eyləmə viranə, qızım! Yoxdur elmin səməri qövmi-müsəlmanə, qızım! Dərsü məktəb sözün, ol lal, gətirmə dilinə; Qələmi xarici məzhəb kimi alma əlinə. Vurma ləkə daha, Allahı sevərsən, elinə. Elm bir şeymi, verə mənfəət insanə, qızım? Nə rəvadır salasan möhnətə qəmsiz başını, Edəsən xalqın arasında xəcil qardaşını; Get bişir evdə, bala, düşbərəni, bozbaşını, Verginən meylini xingalə, fisincanə, qızım! Otur evdə, atanın eylə pinə çul-çuxasın; Ananın bitləginən sübhü məsa baş-yaxasın. Elm üçün insan atarmı atasın, həm anasın? Ağlını başına yığ, heç olma divanə, qızım! Evdə ol, çıxmaginən sən, bala, bir dəm eşiyə; Et təmiz, yaxşı süpür, diqqət elə ev-eşiyə; Inəyə yem veribsən, qulluq elə it-pişiyə; Bəsləyib, sonra sula, yaxşı bax heyvanə, qızım! Yaşın oldu on üç, ay qız, səni verrəm bir ərə, Bir müqəddəs kişiyə, pulluya, bir bəxtəvərə; Vermərəm boynu qıraxmallıya, ya injenerə, Razı olmam düşəsən zülm ilə zindanə, qızım! * * * Bulvar hara, məktəb hara (Yay tətilindən sonra məktəbə getməyə məcbur olan uxajor mütəəllimlərin naləsi) Getmərəm mən məktəbə, məktəbdə nanım çıxsa da; Çəkmərəm bulvardan əl, bulvarda canım çıxsa da! Rədd olub getmişdi məktəb başımızdan birtəhər, Seyr edib bulvarda qızlardan olurduq bəhrəvər, Sentyabr gəldi, dur qaç məktəbə hər gün səhər, O deyir, bu söyləyir, insan olub lap dəngəsər. Getmərəm mən məktəbə, namım, nişanım çıxsa da, Çəkmərəm bulvardan əl, bulvarda canım çıxsa da! Hər nə var, bulvarda var, məktəb, deyin, aya nədir? Hər nə var, qızlarda var, sənət bizə biganədir. Boşla dərsi, məktəbi ondan gözəl meyxanədir; Hər kəs elmə meyl etsə, doğrusu divanədir. Getmərəm mən məktəbə, məktəbdə nanım çıxsa da, Çəkmərəm bulvardan əl, bulvarda canım çıxsa da! Bulvarı qoy, dur yüyür hər gün bu viran məktəbə... Bir baxın, bu sözlərin heç dəxli vardır mətləbə? Bilmirəm hansı... bu məktəbi saldı dəbə? Indi var on beş yaşım, qoy məktəbə getsin bəbə! Getmərəm mən məktəbə, məktəbdə nanım çıxsa da, Çəkmərəm bulvardan əl, bulvarda canım çıxsa da! Pul babamdan, şükr ola, qalmış mənimçin bir qədər; Onları xərc eylərəm, lap azı on beş il gedər. Vallah, bir Janka mənimçin əlli min dərsə dəyər; Şoğərib məktəb edir insanın ömrün lap hədər. Getmərəm mən məktəbə, məktəbdə nanım çıxsa da, Çəkmərəm bulvardan əl, bulvarda canım çıxsa da! Məktəbə qoy getsin axmaqlar, bizə lazım deyil; Bizlərə həm elmdir Janka, ədəbdir, həm də gül; Söhbəti şirin, özü şirin, danış, hər dəm də gül; Jankaya bir kəs sataşsa, ya döy onu, ya döyül. Getmərəm mən məktəbə, məktəbdə nanım çıxsa da, Çəkmərəm bulvardan əl, bulvarda canım çıxsa da! Dilbərim, fəxrim, sürurim, ixtiyarım Jankadır. Məktəbim, dərsim, ülumim, gülzarım Jankadır. Çernilim, ruçkam, yazım, hər dürlü karım Jankadır. Müxtəsər, dinim, həyatım, iftixarım Jankadır. Getmərəm mən məktəbə, məktəbdə nanım çıxsa da, Çəkmərəm bulvardan əl, bulvarda canım çıxsa da! * * * Hürriyyət və təsəttüri-nisvan Ay Baba, bir bax gör mənim başıma nə zorba iş gəlmişdir. Neçə ilbundan qabaq filan əfəndi filan əfəndi ilə ağız-ağıza verib “hürriyyətinisvan”,– deyə bağırırdılar. Hətta iş bir məqamə çatmışdı ki, hər kəs,istər şair və ya mühərrir olsun, bismillah əvəzində “hürriyyəti-nisvan”,– deyə bağırırdı. Mən də öz-özümə dedim: – Gördün ki, iki nəfər sənə dedi piyansan, qoy başını yerə ki, piyanam; yəni vaxta ki, filan əfəndilər “hürriyyəti-nisvan”i yaxşı bilirlər, deməli, yaxşı şeydir. Odur ki, hürriyyəti-nisvan deyə bir şəstlə banladım. Doğrudan da, hürriyyəti-nisvan mən başa düşən kimi olsaydı, elə yaxşı olardı! Mən belə anlayırdım ki, hürriyyəti-nisvan bundan ibarətdir, məsələn: arvad oxuyar ədəb alar, uşaqlarına ədəb verər, kişiylə rəftar eləməyin tərzini öyrənər. Daha döyülməz, doktor-moktor olub, müslimələrə müalicə edər; uşaq saxlamağı öyrənib uşağa tiryək verə-verə daha çöpə döndərib öldürməz. Xülasə, belə işlərə mübaşirət edərlər. Bununla özləri də asudə olar, millət dəxi səadətə yetər. Indi görürəm, xeyr a... hürriyyəti-nisvan mən zənn etdiyim deyilmiş, bir ayrı şey imiş. ... Hürriyyət və təsəttüri-nisvan, ikisi də ondan ibarətmiş ki, arvad üz-gözünü, döşünü, sinəsini, əl-ayaqlarını... layıb bulvara, kluba, oyanbuyana çıxsın. Indi özüm də məəttəl qalmışam ki, biz hansı hürriyyətinisvandan istəyirdik. Əgər sözümü dəbbələyim, o vaxt mənə də bəzi intelligentlərimiz kimi məzhəbsiz deyəcəklər. Əgər dəbbələməyib desəm ki: hə, hələ yaxşı hürriyyəti-nisvandır, bu da yaramaz, Molla Babanın müridləri ilə qələt eləyib, belə işə “hə” demərəm. Xülasə, qalmışam cənnətlə cəhənnəm arasında. Qızlar da o qədər qudurmuşlar ki, gətirib “Babai-Əmir”də kişilərə protesto yazmışlar. Eh, vallahı, onları o qədər döydürürəm ki, Molla Baba özü də afərin deyər. Demə yazıq Molla Baba qabaqca bilirmiş hələ mən də bilirdim. Amma bu xalqı başa sala bilmədik. Şairliyim yavaş-yavaş cuşə gəlir, deyəsən, protesto yazacaq. Qudurmayın siz, a qızlar, axır bəlayə düşərsiz! Sizi o qədr döyərlər ki, ah-vayə düşərsiz! Deyərdi Molla Baba: qoymayın bu qızları dərsə, Bizə kələk törədər qız ülum təhsil edərsə. Yazıq ha dad elədi, qız azar, dərsə gedərsə, Bu xalq inanmadı, fırlatdı düzgün işləri tərsə. Qudurmayın siz, a qızlar, axır bəlayə düşərsiz! Sizi o qədr döyərlər ki, ah-vayə düşərsiz! Adam kimi oxuyursuzsa, pudra-mudra nədir bəs? Gedin günüzləri dərsə, gəlin evə yenə bisəs. Deyən gərək bulara bu klub nə şeydir, a nakəs!? Qudurmayın siz, a qızlar, axır bəlayə düşərsiz! Sizi o qədr döyərlər ki, ah-vayə düşərsiz! Əvvəlcə duymuşdum qızların kələklərini mən, Ha söylədim, ha dedim, heç kəs eşitmədi məndən; Adam tutub ayıra, bu qızın başını bədəndən; Xülasə, lap çaşıb ağlım, baxır bu xalq da gendən, Qudurmayın siz, a qızlar, axır bəlayə düşərsiz! Sizi o qədr döyərlər ki, ah-vayə düşərsiz! Əvvəlcə anlamamışdım nədir təsəttüri-nisvan, Deyirdim elm oxuyub, qız olar özünə bir insan. Necə ki, hökm eləyib müsliminə ayəti-Quran, Döşün açıb gəzəcəkdir bilirmiyəmmi Tükəzban? Qudurmayın siz, a qızlar, axır bəlayə düşərsiz! Sizi o qədr döyərlər ki, ah-vayə düşərsiz! Bu vaxtda yaraşırmı, xanımlarım, bizə bulvar? Eşitmişsinizmi bizim türklərdə böylə məsəl var. Əvvəlcə çıx yoxuşu, sonra gözlə pişdə həmvar; Siz indidən ki, belə tutmuşsuz, bununla nə artar? Qudurmayın siz, a qızlar, axır bəlayə düşərsiz! Sizi o qədr döyərlər ki, ah-vayə düşərsiz! * * * İranlı dedi – bildim İranlıların mən hamın həmmal sanıram, Tacirlərə bir kan imiş Iran, nə bilim mən. Bu həmşəri zalımları bielm bilirdim, Bir mənbəyi-ürfan imiş Iran, nə bilim mən. Yazdın qəzetə fors ilə amadə cəfəngi, Guya ki, keçib elmdə Iran Firəngi. Çəkməz, ölə iranlı nə tiryək, nə də bəngi. Yox bircə nəfər Ənzəlidə, Rəştdə cəngi Hər kəs də desə, öylə vurarlar sınar əngi! Bir söhbəti-fərman imiş Iran, nə bilim mən, Bir mənbəyi-ürfan imiş Iran, nə bilim mən. Iranlı səsi çıxsa düşər lərzəyə əflak, Qeyrət, nə var iranlıda var, hamısı bibak, Hacı Molla Ələkbər kimi yox sahibi-idrak. Dərman üçün iranlıda olmaz kişi tiryak! Ağzı əgilər kim ki, bu sözdə ola şəkkak. Bir hakimi dövran imiş Iran, nə bilim mən, Bir mənbəyi-ürfan imiş Iran, nə bilim mən. Mərdə gərək iranlıya versin bu cəmaət, Iranda göbək yazmağa yoxdur deyor adət. Bir yanda zavod, fabrika, bir yanda sənaət. Yoxdur nə şəqavət, nə bəxalət, nə ədavət! Bundan sonra iranlıya lazımdı itaət. Bir məsləki-insan imiş Iran, nə bilim mən. Bir mənbəyi-ürfan imiş Iran, nə bilim mən. Iranlı da məntiq sözünü yaxşı qanırmış, Məntiqdən uzaq düşməyə zalım utanırmış... Tənqidi-qəzet al-verəni birgə sanırmış. Qəzi zərər etdikdə o biçarə yanırmış. Iranda bu cür qarpızı başlar yaranırmış... Başdan-başa fantan imiş Iran, nə bilim mən. Bir mənbəyi-ürfan imiş Iran, nə bilim mən. Iranlı deyəndən böylə məlum olur əhval, Doxtur-zad imiş hər nə ki var küçədə həmmal. Yox bir nəfər İranda nə falçı və nə rəmmal. Iran da dirildi, dəxi çal təblini təbbal. Iranlıya bir can imiş İran, nə bilim mən, Bir guşeyi-rizvan imiş Iran, nə bilim mən, Zadeyi-şannan imiş Iran, nə bilim mən Bir mənbəyi-ürfan imiş Iran, nə bilim mən. * * * Yumruq (3) (3) Qarı nəvəsi Cuqqulu dəllək dükanında Yaxşı qumarxanə açıbdır, a qumarbaz. Hər kəs ki, qumar oynamaq istərsə buyursun, Dəllək dükanından da ki, bir yaxşı yer olmaz. * * * Dəllək ... nski küçədə Qarı nəvəsi Cuqqulu dəllək dükanını açıb, bir azdan sonra dəllək dükanı da səhvən dönüb olub qumarxana. Imdi əgər Cuqqulu qumar oynatmasa, şətəl pulu cibindən çıxacaq. Əgər oynatsa, dəlləkliyi yaddan çıxacaq. Odur ki, həmi qumar oynadır, həmi baş qırxır. Deməli, hər barədə də qırxır. (Hələlik qulaq verin) Bir dəllək idim, qırxardım gündə beş-on baş, Dəllək dükanı özgəyə karxanəyə döndü. Hər nə qoçu var şəhrdə cəm oldu tamami Axırda dükan zor qumarxanəyə döndü. Dəlləkliyin heç yoxdu mənə xeyri əvvəldən, Bir başı yolunca düşür insan daha əldən, Lap üzdüm əlimi daha mən bu pis əməldən, Qırx altı manat pul yığım gündə şətəldən, Daxmam vurub axır yekə kaşanəyə döndü. On beş il olar əvvəlki çəm ilə yoluram baş, Daim ac idim, tapmayır idim sulu bozbaş, Imdi çoxalıb pul, yeyirəm hər gecədə aş, Əvvəlcə qumarxanə açaydım dükanı kaş, Dəlləklik evim yıxdı ki, viranəyə döndü, Tikdim onu şimdi yekə kaşanəyə döndü. * * * Yoxsa yox Bu yuxudan, bilmirəm, islamiyan Bir kərə bidar olacaq, yoxsa yox? Büğzü ədavət daşını tullayıb, Bir-birinə yar olacaq, yoxsa yox? Qıl nəzər ətrafa, görərsən o dəm: Milləti-islam qoyun tək yatıb; Qarətü qətlə verib öz fikrini, Qeyrəti namusu kökündən atıb, Irzü həyavü ədəbin cümləsin Cifeyi dünyayə satıbdır, satıb. Böylə keçərsə əgər on səkkiz il, Millətimiz xar olacaq, yoxsa yox? Bu yuxudan bilmirəm, islamiyan Bir kərə bidar olacaq, yoxsa yox? Rəxnə əgər düşsə bütün aləmə, Eyləməyir millətə əsla əsər. Cəhlü nifaqə verib öz fikrini, Ömrü rəzalətlə keçir sərbəsər. Hamı müqəvva kimi biruhü can, Çanta dalında dolaşır dərbədər. Xabi-cəhalətdə yatan, söyləyin, Axırı bidar olacaq, yoxsa yox? Bu yuxudan milləti-islamiyan Bir kərə bidar olacaq, yoxsa yox? Cəngi-cidalə qızışıb qəzetlər, Söhbəti-millət unudulmuş tamam, Bir-birini söyməyə adət edib Qəztəçilər-məztəçilər sübhü şam. Kinü qərəzdir hara qılsan nəzər, Illər ilə... eylər davam, Qəztəçisi kinli olan millətin Bəs özü qəddar olacaq, yoxsa yox? Bu yuxudan milləti-islamiyan Bir kərə bidar olacaq, yoxsa yox? Məhv olacaq füqr ilə biçarələr, Cümləsi imdadə qalıb intizar. Leyk qənilər hamı işrətdədir, Millət işindən çəkilibdir kənar; Hər gecə bulvarda, klubda gəzir, Anna xanımla eləyir iftixar. Naləvü fəryada qulaq verməyən, Söylə görüm kar olacaq, yoxsa yox? Bu yuxudan milləti-islamiyan Bir kərə bidar olacaq, yoxsa yox? Tapdı səadət yolunu qeyrilər Elmə könül vermək ilə hər zaman. Leyk müsəlman hələ də mürgülər. Durmağa da zərrəcə yoxdur güman. Rəmlə baxanda belə məlum olur: Çox yatacaqdır hələ islamiyan. Sonra ayıldıqda, bunu bilmirəm Layiqi-kandar olacaq, yoxsa yox? Bu yuxudan, milləti-islamiyan Bir kərə bidar olacaq, yoxsa yox? * * * Olacaqsan Varsa hünərin cəhd elə ərbabi-fəsad ol! Min fitnə törət, şan qazan, sahibi-ad ol! Guş etmə sənə kim ki desə, əhli-savad ol! Min hiylə ilə xalqı soyub, bir yekə zad ol! Aydın, işıq aləmdə çalış, tirə nəhad ol! Şad ol, yenə şad ol, yenə şad ol, yenə şad ol! Eyvah ki, axırda peşiman olacaqsan! Iç gündə şərabı, gələ ta cisminə bir can; Vur gündə qumarı, boşala kisəvü həmyan. Ixvanını aldat, pulun al, qoy ola giryan; Bidətlərini axıra vur, olma peşiman, Islamı dağıt, ol yenə də pak müsəlman. Qoy başına əmmamə, gedib Molla Cavad ol! Şad ol, yenə şad ol, yenə şad ol, yenə şad ol! Eyvah ki, axırda peşiman olacaqsan! Iranlı kimi tiryəkə, bəngə elə adət. Cəhd eylə ki, bilsin səni “sadiq” bu cəmaət. Onda sənə çox tapşıracaqlardır əmanət. Sal cümləsin öz adına, ol əhli-xəyanət. Insafə yaxın düşmə əgər qopsa qiyamət. Et tövbə öləndə, sağ ikən hamili-dad ol! Şad ol, yenə şad ol, yenə şad ol, yenə şad ol! Eyvah ki, axırda peşiman olacaqsan! Kef çək, bu cahanda qəmi-ixvanına yanma, Viran ola dünya, yenə xabından oyanma. Qalsan qapaz altında qızar, lakin utanma, Mən söyləyirəm istər inan, istər inanma, Bu sözlərimi sonra qanarsan, hələ qanma. Iç qanını xalqın, hələlik ağcaqanad ol! Şad ol, yenə şad ol, yenə şad ol, yenə şad ol! Eyvah ki, axırda peşiman olacaqsan! * * * Bilirəm Millətə hər nə yazırsansa, rəvadır, bilirəm, Ay Baba, yazdığın hər dərdə dəvadır, bilirəm. Leyk yazdıqların əsla eləməz xalqa əsər, Söyləyirsən, çığırırsan, bağırırsan da hədər, Yenə millət, babası getdiyi yol ilə gedir. Boyasan rəng ilə daşı yenə daşdır, nə ki zər. Millətə hər nə yazırsansa, rəvadır, bilirəm, Ay Baba, yazdığın hər dərdə dəvadır, bilirəm. Yazdığın daşları hərçənd kəbab etmədədir, Köhnələr indi də bicliklə savad etmədədir, Hamısı çəngü tərəb şürbə şitab etmədədir, Qış gəlir, kürsü qurulmuş, hamı xab etmədədir. Millətə hər nə yazırsansa, rəvadır, bilirəm, Ay Baba, yazdığın hər dərdə dəvadır, bilirəm. O ki, bir çoxları dövlətlilərinin zadəsidir, Hamısı ləhvü ləəb, bicliyin amadəsidir, Atası – lal, babası – əldə olan badəsidir. O qoduqlar hamısı qızların iftadəsidir. Onların dərdinə bir Anna dəvadır bilirəm, Millətə hər nə yazırsansa, rəvadır bilirəm. Hər nə yazsan yeri var, yazma itilget sözünü, Iş məqamında görərsən hamı örtər gözünü. Səkkiz il baş darayar, ya da ki, çırpar tozunu, Boş yerə çırmalanıb, ortaya tullar özünü. Sənəti büxlü həsəd, kibrü riyadır, bilirəm, Millətə hər nə yazırsansa, rəvadır, bilirəm, Ay Baba, yazdığın hər dərdə dəvadır, bilirəm. * * * Arzu Ya rəbbi, qıl zəmanədə viranə məktəbi, Etmə nəsib bircə müsəlmanə məktəbi! Məktəb deyəndə lərzə tutur cismi-zarımı, Bulvar yanında eyləyir əskik güzarımı, Hər gün bu məktəb artıq edir intizarımı. Bundansa... kaş atam qazıyaydı məzarımı. Ya rəbbi, qıl zəmanədə viranə məktəbi, Etmə nəsib bircə müsəlmanə məktəbi! Gündə gəlib müəllim edir vəzi-moizə, Tülkü, inək, qoyun, keçir axırda ilbizə. Yerdən qurtardı, qoyma ki, dırmaşdı ulduza. Vallah, çərən-pərən, nəyə lazım bular bizə? Ya rəbbi, qıl zəmanədə viranə məktəbi, Etmə nəsib bircə müsəlmanə məktəbi! Məktəb binasını yekə bulvar tikəydilər, Bir dəstə modalı mənə paltar tikəydilər, Bu qırmızı xəritəni şalvar tikəydilər. Qızlar geyəydi leyk bir az, dar tikəydilər. Ya rəbbi, qıl zəmanədə viranə məktəbi, Etmə nəsib bircə müsəlmanə məktəbi! Bulvarda vardır işvə ilə nazı qızların, Məktəbdə tappa-tuppu gəlir kürsü, mizlərin, Dəftər-kitaba bax, çıxa tainki gözlərin, Cismin zəif olur, kəsilir tabı dizlərin. Ya rəbbi, qıl zəmanədə viranə məktəbi, Etmə nəsib bircə müsəlmanə məktəbi! Əzbərləyir kitabı, buraxmaz birin dala, Guya ki, oxşadır bizi zənbilli hambala, Bir az dilin çaşarsa, yazar “iki” jurnala, Şeytan deyir; bu uçteli dur yaxşı tapdala! Ya rəbbi, qıl zəmanədə viranə məktəbi, Etmə nəsib bircə müsəlmanə məktəbi! * * * Arvadlar deyirlər Tanrı kəsibdir bizim ərlərin insafını; Sən ki bilirsən, Baba, onların övsafını?! Düşbərə, bir filməsəl, şit düşər isə əgər, Evdə qiyamət salır, hər nə bilirsə söyər; “Adə, a heyvan qızı”, yoxmudur ağlın məgər? Dinsə əgər arvadı, haydı, doyunca döyər. Tanrı kəsibdir bizim ərlərin insafını; Sən ki bilirsən, Baba, onların övsafını?! Gündə qumar oynayır, bilməz işin dalını; Baxtalayır arvadın sırğasını, şalını; Içkiyə sərf eyləyir yerdə qalan malını. Kim bizə bənd etdi bu həmşəri hambalını? Tanrı kəsibdir bizim ərlərin insafını; Sən ki bilirsən, Baba, onların övsafını?! Gündə gedir bəlkə bir rus xanımın yanlasın, Arvadını tullayıb evdə pərişanlasın, Yaz buları jurnala, xəlqi-cahan anlasın, Bəlkə o bədüzləri qeyriləri danlasın. Tanrı kəsibdir bizim ərlərin insafını; Sən ki bilirsən, Baba, onların övsafını?! Axırı arvadların qəlbini xun etdilər, Əqli-səlim əhlini yaxşı cünun etdilər, Əlif kimi qamətin həlqeyi-nun etdilər. Müxtəsər, arvadları xarü zəbun etdilər. Tanrı kəsibdir bizim ərlərin insafını; Sən ki bilirsən, Baba, onların övsafını?! * * * Kişilər deyirlər Vallah, gətiriblər bizi lap cana qadınlar, Heç oxşamayırlar belə insana qadınlar. Bir qədri bu məktəbdən uzaq, sadəcə qızdır, Zalım qızı həs-hüs tanımaz, sanki öküzdür, Sındırdı, güvəc boşqabı guya ki, donuzdur, Hər nə desələr arvada, vallahı ki, düzdür. Insan deyil, oxşar hamı heyvana qadınlar; Vallah, gətiriblər bizi lap cana qadınlar. Arvad nə? Uşaq, ər nədir? Insan dili bilməz; Paltarları hisdən qaralarsa, yenə silməz; Insan kimi dil bilsə əgər, böylə döyülməz; Yox fəhmü zəkası, yenə də ar edib ölməz Insanlığın adabına biganə qadınlar; Çıxsın necə insan kimi meydanə qadınlar?! Bir qədri də vardır oxuyub elmi-filanı, Bir az da bilir qatma-qarış rusi lisanı, Bir kəlmə də türkicə danışmaz, çıxa canı, Guya ki, veriblər əlinə cümlə cahanı, Yainki çıxıb təxti-Süleymana qadınlar, Baxmaq diləməz hali-müsəlmana qadınlar. Fikrində nədir? Modalı paltar, qısa şalvar; Fikrində nədir? Pudra ilə rəng, iki xalvar; Fikrində klub, bir kavaler, bir də ki, bulvar, Təqlid eləyir qeyriyə murdar qızı, murdar. Oxşar belə quyruqlu obezyana qadınlar, Dünyanı ediblər dəxi virana qadınlar. Təqsir özünüzdə, nəyə fəryad eləyirsiz? Bir-bir kişinin eybini tədad eləyirsiz; Min hiylə qurub, min kələk icad eləyirsiz. “Qırdı bizi ərlər”, – deyə boş dad eləyirsiz, Bizdən açılın bircə, a divanə qadınlar! Qoymaz dəxi bu bicliyi bir yana qadınlar. Vallah, gətiriblər bizi lap cana qadınlar; Heç bənzəməyirlər belə insana qadınlar. * * * Dəng olduq Bəsdir, Baba, danışdın, fəryad sənin əlindən! Bir gün olurmu millət azad sənin əlindən? Hər yerdə bir iş olsa, ordan xəbər bilirsən; Bir pis iş etsə bir kəs, pıqqıldayıb gülürsən. Ta hər işin o şəxsin məxluqa bildirirsən. Bir biclik etməyir xalq icad sənin əlindən; Bir gün olurmu millət azad sənin əlindən? Dəllək dükanın etdi bir kəs qumar yuvası; Yaxşı mədaxil aldı, yüksəldi iştəhası; Yazdın onu qəzetdə, dağıldı hər əsası, Çox keçmədi ki, oldu bərbad sənin əlindən; Bir gün olurmu millət azad sənin əlindən? Biçarə Vamiq oldu avara öz elindən, Məcnunu sən ayırdın Leyli kimi gülündən, Hətta bu cür deyirlər, bir ravinin dilindən: Başın daşa çalıbdır Fərhad sənin əlindən; Bir gün olurmu millət azad sənin əlindən? Hərgah sən olmasaydın hər kəs işin bilərdi; Birsi adam soyardı, birsi cibə girərdi; Firon hələ min il də Allahlıq eyləyərdi. Gizləndi qəbr evində Şəddad sənin əlindən; Bir gün olurmu millət azad sənin əlindən Qorxudan indi xalqın gizlənmək oldu şuğlu; Ölsən, kəsər xəlayiq qurban beş-altı toğlu Yıxdın evin bu xalqın, adə, a zalım oğlu! Vallah, camaat olmur dilşad sənin əlindən; Bir gün olurmu millət azad sənin əlindən? Təngə gəlib xəlayiq, fəryad sənin əlindən!.. * * * Demədim İşimiz boş danışıq, həmdü sənadır, demədim? Ay Baba, işlərimiz xeyli fənadır, demədim? Millət əfradı unutdu hamı həsbü nəsəbi; Elm təhsilinə sərf eylədi həm ruzu şəbi; Mən bilən ki, ona lənət oxuyur cəddü əbi, Baxmadı hərçi deyib dad elədi Molla Cəbi. Rükni-dinin biri də rəngi-hənadır, demədim? Ay, Baba, işlərimiz xeyli fənadır, demədim? Ortaya saldı özündən hərə bir tazə dəbi, Nə bilim qız oxusun, bəlkə də olsun ədəbi. A kişi, arvad hara, bayram hara, kimdir səbəbi? Bir yerə cəmləşib saxlaya mövludi-nəbi? Oxumaq milləti-islama bəladır, demədim? Ay Baba, işlərimiz xeyli fənadır, demədim? Qız hara, məktəb hara, dərsü qələmdan hara? Elm hara? Bilgi hara? Fatma, Tükəzban hara? Ay canım, arvad hara? Zümreyi-insan hara? Qız ki, şeytan kimidir, biz hara, şeytan hara? Evimiz bir heçin üstündə binadır, demədim? Ay Baba, işlərimiz xeyli fənadır, demədim? Baxın indi oxumuş qızlara tüğyan eləyir; Biri cəmiyyət açır, pul yığır, ehsan eləyir; A kişi, arvad da özün bir yekə insan eləyir. Tuf belə adətə olsun ki, müsəlman eləyir. Arvada layiq olan cövrü cəfadır, demədim? Ay, Baba, işlərimiz xeyli fənadır, demədim? * * * Əsrimizin qəhrəmanları (Dörd pərdədə roman) “Qospadin” Nəsir intelligent, müsəlman “kavaleri” həmişə qızlarla tanış olanda, bəzi məlum səbəblərə görə öz müsəlmanlığını gizlədirdi (Bir o deyil, müsəlmanlar hamısı belə edir). Nəsir nə qədər rusca danışmaq bilirdisə də, yenə hərdən çaşıb öz müsəlmanlığını bildirirdi. Odur ki, tanış olanda özünü erməni adı ilə qələmə verirdi. Bir dəfə Nəsir “Liza” adlı bir qız ilə tanış oldu. Liza nə qədər “Sən müsəlmansan!...” – deyə Nəsirə təkid etdisə, Nəsir: “Mən erməniyəm!” – deyə təkrar edib, Lizanı inandırırdı. Bir dəfə Nəsir Liza ilə bulvarda gəzişirdi, birdən nəhs kimi, bir erməni bunlara rast gəlib, erməni dilində nə isə danışmağa başladı. Liza erməninin nə dediyini soruşanda, təbii olduğu kimi, Nəsir bilmədi. Liza dübarə şübhəyə düşüb qara, yox-yox, göy gözlərini Nəsirin üstünə süzdü; Nəsir Lizaya danışmağa macal verməyib tez başladı: Ay Liza! Müsəlman deyiləm canın üçün, mən; Evlər dağıdan zülfi-pərişanın üçün, mən. Çoxdandı sənin mayilü müştaqin idim mən, Amma ki, qaçırdın niyə ahu kimi məndən? Bir dəfə sənə söyləyirəm, yaxşı inan sən! Ay Liza! Müsəlman deyiləm canın üçün, mən; Evlər dağıdan zülfi-pərişanın üçün, mən. Hərçənd dilim ruscada hərdəm çaşır, amma Şəkk eyləmə müslüm deyiləm, zərrəcə əsla!.. Mən erməniyəm, erməniyəm... ümməti-Isa. Ay Liza! Müsəlman deyiləm canın üçün, mən; Evlər dağıdan zülfi-pərişanın üçün, mən. Olsaydım əgər müslüm, olardım yekə balvan; Heyvandır – özün yaxşı bilirsən ki müsəlman. Mən erməniyəm, ismi-şərifim də ki: “Vartan” Ay Liza! Müsəlman deyiləm canın üçün, mən; Evlər dağıdan zülfi-pərişanın üçün, mən. Başda “katoloq”, əldə “trost”, çəkmədə zəncir... Aç gözlərini diqqət elə, bax mənə sən bir. Baxdıqca mənə neyçün olursan belə dilgir? Ay Liza! Müsəlman deyiləm canın üçün, mən; Evlər dağıdan zülfi-pərişanın üçün, mən. Aldatdı bizim Lizanı bu şivəli gövtar, Yumdu çənəsin dinmədi kaftar qızı kaftar. Kor şeytana lənət deyib oldu Nəsirə yar, Eylərdi Nəsir bu sözü hər bəzmdə təkrar: Ay Liza! Müsəlman deyiləm canın üçün, mən; Evlər dağıdan zülfi-pərişanın üçün, mən. Hə, indi keçək söhbətə. Paho... Bu yandan da müdir gözlərini ağardır ki, çərənçilik lazım deyil, “əlfəcin palaji!” Yaxşı, qoy qalsın, sonra danışaram. * * * Hə, sözümüz harada qalmışdı? Nəsir birdən gördü ki, Liza bir qədərondan kənar dolanır. Bir dişlərini ağartdı, gördü xeyr, Liza heç məhəl qoymayır. Nəsirin bir nəfər Həsən adlı dəxi yoldaşı var idi. Lizanın üstündə Nəsir ilə dalaşmışdı və babasının goruna and içmişdi ki, Lizanı Nəsirin əlindən alsın. Erməniyə də, demə o pul verib göndərmiş imiş. Nəsir gördü ki, indi Həsən Lizaya tərəf gedir. Əndamına lərzə düşdü. Başı gicəlib gözü qaranlıq gətirdi. Amma məqsədi Həsənin peysərinə bir şapalaq salmaq idi. Mütəəssüf, cadulanmış kimi tərpənə bilmədi. Deyəsən, yerə mıxlanmışdılar. Bütün aləm gözündən düşmüş, guya qara buludlar onu əhatə etmişdir. Guya ürəyində röya kimi keçirdi, pullarımı tamamilə konfetlərə sərf etdim. Gecələr gözlərimə yuxu getmədi, belbağı, saat, üzük aldım. Onlar cəhənnəm, yüz o qədərini də alım. Təki Liza dübarədən mənə yar olsun. Bu halda Nəsirin qulağına süruşiğeybi kimi xəfif bir arvad səsi gəldi. Nəsir, Liza zənn edib dərhal qollarını açdı və: “Can, Liza, gəl!” – dedikdə, gördü qabağında bir sailə müsəlman arvadı dayanmışdır. Bunu görüncə: “Itil burdan, kafirin qızı!”– deyib üzünə bir şillə vurdu ki, səsindən az qalmışdı gavi-mahi kürreyiərziburaxıb daban alsın. Bu dəmdə Nəsir gördü ki, haman erməni bir yanda gəzir. Dərhal üzünü çevirib dedi: Adə, Avanes kirvə, sənin adına lənət! Yıxdın evimi, həftinə, həftadına lənət! Beş aydı o gündən o pərizadı tanırdım. Hicrində onun şəmə çu pərvanə yanırdım. Amma ona bir söz deməyə mən utanırdım. Öz dinimi, ayinimi məcburi danırdım. Adə, Avanes kirvə, sənin adına lənət! Yıxdın evimi, həftinə, həftadına lənət! Çoxdandı məni hicr odu bimar eləmişdi, Həsrətlə məni-qəmzədəni zar eləmişdi. Eşq atəşi lakin məni biar eləmişdi, Xaliq onu bir növi mənə yar eləmişdi. Adə! Avanes kirvə, sənin adına lənət! Yıxdın evimi, həftinə, həftadına lənət! Liza xanımın etmiş idim adını əzbər; “Mən erməniyəm”, söylədim ol mahə mükərrər. Liza inanıb eyləmiş idi mənə bavər, Gəldin nə bilim, “Asma hayes, turkes, ay axper”; Şeytan balası axperinə, zadına lənət! Yıxdın evimi, həftinə, həftadına lənət! Gəldin bura ki: “xoskamasım hinç ozum asma”; Şeytan kimi saldın araya tezcə müəmma. Rusca deyə bilməz deyəsən: “vot xoroşo da”; Məlun balası, indi durub tapdalaram ha! Rədd ol buradan, it balası, adına lənət! Yıxdın evimi, həftinə, həftadına lənət! Verdim pulumu qənfətə, etdim dilimi şad, Oldu mənə qismət nə isə ah, o pərizad. Güclə əlimə salmış idim bir qədi şümşad, Şeytan balası indi mənim dərdimə məzdad. Adə! Avanes kirvə, sənin adına lənət! Yıxdın evimi, həftinə, həftadına lənət! Bir zümrilə etdin evimi, səyimi bərbad, Şirinə məni-bikəsi qıldın yenə Fərhad. Ey taleyi dun, dad əlindən, yenə fəryad! Bu yolda mənə etdiyin imdadına lənət! Dünyadakı abadına, bərbadına lənət! Bu halda Nəsir başını qaldırıb gördü ki, aləm başqa aləmdir. Müdir əfəndi müqabilində dayanıb deyir ki, müxtəsər elə, bir para mühərrir taslaqları kimi özünü piyanisgəliyə vurma. Mabədi qoy gələn səfərə qalsın. * * * Nəsir dərhal Həsənə yetişib: – Filan, filan şüdə! Nə haqla mənim barişnama yavuq gedirsən?.. Həsən də: – Əcəb eyləyirəm! – dedikdə, Nəsir şapalağı rədi-səmavi kimi Həsənin “pudra”lı üzünə endirdi. O da Nəsirin təzəcə daranmış saçlarından tutub: – Ya valı, vali, vəxti mədəd əst!.. – davaya şüru etdilər. Sən məni vur, səni... Cəmaət yığışdı. Hər kəs gəlib baxır: “Tfu, diki tatarin!...” – deyə yoluna düzəlir. Yasavul gəldi; hər ikisini polisəyə sürüdülər. O dedi: təqsir Həsəndədir; bu dedi: Nəsirdədir. Xülasə, hərəsini 20 manat cərimə edib buraxdılar. Nəsir dərhal yoldaşı Mirzəbalanı çağırıb: – Al, bu da 20 manat; gedək Həsəni xəlvətdə doyunca döyək... Həsən də qorxudan bıçaq gətirdi. Nəsir ilə Mirzəbala, Həsənə çatıb hülqumladılar. O da tez bıçağını çıxartdı, Mirzəbala onun alnından dəmir ilə elə vurdu ki, Həsənin bıçağı əlindən düşdü; əyilib bıçağı götürdükdə, Nəsir tez yerdən qapıb, Həsənin sinəsinə sancdı. Allah rəhmət eləsin! O saat Nəsiri polisəyə, oradan da qazamata göndərdilər. Dustaqlar başına yığıldılar; səbəbini soruşdular, o da olan əhvalatı danışdı. Dustaqların xoşlarına gəlib, bir ağızdan söyləməyə başladılar: Çox zirəklik eləyibsən kişi, vallah, malades! Hayfını yaxşı alıbsan, bərəkallah, malades! Daha qəm çəkmə, gülüb xürrəmü şad ol, a gədə, Hayıf altında dolanmaq çox ayıbdır igidə: Vurasan öz biçağilə o çıraqban səkidə! Yaxşı çiçəklik edibsən, kişi, vallah, malades! Hayfını çox tez alıbsan, barəkallah, malades! Yaraşır indi sən öl – lap qoçuluq adı sənə – Ki, bu cür ğalib olubsan... Həsənə. Qoçu olmaz demək hər qorxub özündən əsənə; Qoçuluq tək yaraşır sən kimi bir başkəsənə. Yaxşı çiçəklik edibsən, kişi, vallah, malades! Hayfını çox tez alıbsan, barəkallah, malades! Yığışıbdır buraya, bax, bu qədər şəxsi-dəcəl; Buların hamı edibdir hələ sən tək cəncəl. Qoymayıblar ki, hərifi durub açsın belə əl. Hərə bir şiri-jəyan, hər biri cəlladi-əcəl. Sən də zirəklik edibsən kişi, vallah, malades! Hayfını yaxşı alıbsan, barəkallah, malades! Çox adam var: hələ qorxur ki, bu viranə girə; Burada çox-çox olur taxtabiti, həm də birə. Nə zərər qeyrət üçün getsə də insan Sibirə... Hamısı bir səs ilə söyləyir: “Əhsən Nəsirə!” Yaxşı zirəklik edibsən kişi, vallah, malades! Hayfını çox tez alıbsan, barəkallah, malades! Hərçənd bu sözlərdən Nəsirin qoltuqları qarpız tutmayırdı; amma yenə Lizanın fikrində idi. Arvadı, uşaqlarını çoxdan unutmuşdu. Xülasə, xeyli zaman keçdi, vaxt oldu... Hə, inciməyin, başım hələ tez ayılıbdır, nə xeyr! Borclu- borclunun sağlığını istər. Mabədini sonra yazaram. * * * Bir, iki, üç kərə Söyləmişəm bu sözü məxluqa mən, Ay Baba can, bir, iki, üç kərə. Anlamayır da deməsən bir sözü, Allah, aman, bir, iki, üç kərə. Bəzisi var cəhlə tərəfdardır, Xoşlamayır elm, ədəb, sənəti, Zahiri mömin, başı səccadədə, Fikri şəriət, sözü din söhbəti. Batinə baxsan görəcəksən, paho, Boşlamayırlar yenə də bidəti. Sənəti bidət, belə zənn eləyir, Tanrı bununçun yaradıb cənnəti. Altmış il söylə nəsihət ona, Anlamaz əsla ki, yox heç qeyrəti. Dolduruban Molla Həmid beyninə Arpa, saman bir, iki, üç kərə. Söyləmişəm bu sözü məxluqa mən, Ay Baba can, bir, iki, üç kərə. Mollanümalər yetib on milyona, Günbəgün artır, daha da bollanır, Hər nə ki Iranda xəkəndazçı var, Molla adıyla buraya yollanır. Milləti-biçarə qazandıqların Sərf eləyib mollaya, yoxsullanır. Günbəgün molla tuluq tək şişir, Pulları da cəm eləyir, pullanır, Mümkün isə cəhd eləyir salmağa Ortaya qan bir, iki, üç kərə. Söyləmişəm bu sözü məxluqa mən, Ay Baba can, bir, iki, üç kərə. Qoy bu itilgetləri tərif üçün Tirməyə döndərməyə öz kişlərin. Boş yerə qəflət deyə dad eyləyir, Vaxti-zərurətdə sıxar dişlərin. Ölsə həkim, ya da ki, bir advokat, Millət üçün tiz edəcək nişlərin. Üzv ola Cəmiyyəti-xeyriyyəyə, Manqala hər gün düzəcək şişlərin. Qoy bu itilget sözünü bir yana, İndi hələ anlamışam işlərin. Onları qoy vodka içib olmağa Gündə piyan bir, iki, üç kərə. Söyləmişəm bu sözü məxluqa mən, Ay Baba can, bir, iki, üç kərə. Qoy hələ, artisti qoyaq bir yana, Şərh eləyək pulluların halını. Çünki xəsis tək hamısı axtarır Tapmağa ölmüş ulağın nalını. Tərk edir imanını yüz min kərə, Bir qəpik artırmaq üçün malını. Millət üçün istəsələr bir qəpik, Bil ki yolar qırmızı saqqalını. Əkşi, yoruldum, mən ölüm, əl çəkin! Siz ki bilirsiz bu işin dalını. Pullu fəqirə nəzər etməz, əgər Versə də can bir, iki, üç kərə. Söyləmişəm bu sözü məxluqa mən, Ay Baba can, bir, iki, üç kərə. Anlamayır ta deməsəm bir sözü, Allah, aman, bir, iki, üç kərə. * * * Itilget Hər kəs özü qəm çəkməyə daradır, itilget! Qəm çəkmə ki, millət qəmi bicadır, itilget! Heç yada gətirmə bu yazıq millətin halın; Fikr etmə ki, millət itirib cahü cəlalın. Hərçənd görürsən gələcək zülmü zəvalın, Çıxsın canı, çəksin hərə öz fikrü xəyalın. Hərçənd ki, biruhi-müqəvvadır itilget! Qəm çəkmə ki, millət qəmi bicadır, itilget! Qış getdi, bahar üstünə fırlandı bu dövran; Çox çəkməyəcəkdir bitəcək sünbülü reyhan; Bax mənzəreyi-aləmə, ol valehü heyran. Hər kəs çəkə millət qəmi insan deyil, insan. Çıx bağa, gəziş, gör nə dilaradır, itilget, Qəm çəkmə ki, millət qəmi bicadır, itilget! Millət ölür ölsün, qazıyaq lap ona bir gur, Qalxız başını, fikrü xəyalatdan ol dur, Bulvarda itilget meyi-gülfam ilə məxmur, Qızlar dolaşır, cənnəti guya ki, gəzir hur. Bir canalıcı dilbəri-zibadır, itilget! Qəm çəkmə ki, millət qəmi bicadır, itilget! Axtar, tap özünçün sarı geysuli pərizad; Vur qol-qola, gəz bulvarı, olsun ürəyin şad: Rüxsari-dilarasına bax, şeir elə inşad, Qoy xalq oxusun, söyləsin əhsən sənə, ustad! Pəh-pəh, bu kişi şairi qərradır, itilget! Qəm çəkmə ki, millət qəmi bicadır, itilget! Təkrar edirəm sözlərimi bir də dübarə, Millət qəmini bir, mən ölüm, tulla kənarə; Ver fikrini, çəngü tərəbə, nazlı nigarə, Bax şövqi-təmam ilə gülüstani-baharə. Bizim-tərəb hər yerdə mühəyyadır, itilget! Cəm əldə gəzir, sağərü səhbadır itilget! Qəbir, gor Uzaq Xumarlanmış Saç * * * Unudulmaz yara Ol səfa əhli, könül, dünyada, get, qaldır qədəh! Millətin əhvalını sal yada, get, qaldır qədəh! Vermə, dil dərdü qəmə, bir həftə dünyadır, gözüm! Millətin halına baxsan, möhnətəfzadır, gözüm! Sən gəmi olsan əgər, möhnət ki dəryadır, gözüm! Qəm çəkib fikr eyləmək, vallahı, bicadır, gözüm! Yerdə doldur, göydə iç, dəryada get, qaldır qədəh! Ol səfa əhli, könül, dünyada, get, qaldır qədəh! Xan qədəh, sultan qədəh, sail qədəh, quldur qədəh, Toy qədəh, matəm qədəh, bayram qədəh, boldur qədəh; Vur qədəh, vurdur qədəh, xarrat çağır, yoldur qədəh, Al qədəh, aldır qədəh, qaldır qədəh, doldur qədəh. Məclisi-peyğəmbəri-valadə get, qaldır qədəh! Ol səfa əhli, könül, dünyada, get, qaldır qədəh! Çox da millət rəhnümasızdır, düşübdür dərbədər; Millətin fəryadına guş etmə, olma pürgədər; Nəf yox millət işində, parə yox, yox simü zər; Qəm yemə, fikr etmə, zalım, etmə öz ömrün hədər! Millətin dadın eşit, imdada get, qaldır qədəh! Ol səfa əhli, könül, dünyada, get, qaldır qədəh! Millətə qəm çəkmə, millət vaqifi-halın deyil, Girmə bir cəmiyyətə dərmani-iqbalın deyil, Adə, millət, bu itilgetlər ki, hammalın deyil; Vur, dağıt, millət evin sındır ki, öz malın deyil; Sonra da bu xaneyi-bərbadə get, qaldır qədəh! Ol səfa əhli, könül, dünyada, get, qaldır qədəh! * * * Özün bil Bu dövr, əmi can, tərsinə dövrandır, özün bil; Təqdiri-qəza sanma ki, asandır, özün bil. Cəm oldu bütün mollanümalar hamı xoşnud; Hər nə Bakıda, Gəncədə olmuş ola mövcud; Istərlər hamı etməyə bir az səni məhdud; Bəzi götürüb balta, çomaq, bəzisi behbud. Zənn etmə ki, bu şəhrdə ehsandır, özün bil; Yox, yox, Baba can, qətlinə fərmandır, özün bil. Əvvəlcə sənə söyləmiş idim kəlamı, Yazma bu qədər jurnalına xəlqi-əvamı, Bu mollaları jurnala yazmaq da rəvamı? Olmaz ki, itə mollaların şöhrəti, namı, Molla kişi, sövdagəri-rizvandır, özün bil; Oldur ki, xəlayiq sənə düşmandır, özün bil. Jurnalda yazarsan nə ki var mollada nöqsan; Ay molla, nə var, əyri otur, düz danış hər an. Sövdagəri-qılman eləyibmiş səni Quran; Oldur ki, gəlib qeyzə bütün sakini-Salyan. Hər guşədə bir şurişi-tuğyandır, özün bil; Yazma daha molla sözünü, qandır, özün bil. * * * Novbahar Şad ol, könül ki, fəsl yenə novbahardır; Hər yerdə bəzmi-eyşü tərəb aşkardır. Bulvarda Annalar eyləyirlər səyahəti; Yox naz-qəmzənin, bu sən öl, heç nəhayəti; Var doğrudan da bulvara çıxmaq ləyaqəti; Ey dil, bu bəzmə getməyinin var səfahəti. Bulvar demə, behişt kimi laləzardır; Şad ol könül ki, fəsl yenə novbahardır. Bax, diqqət eylə lizaların xəttü xalına; Ağlın gedər baxan kimi rüxsari-alına; Bihuş olunca, diqqət elə gül camalına; Baxma bu qəztə-məztəçinin qiylü qalına; Vallah, o da Marusyalara cannisardır; Şad ol könül ki, fəsl yenə novbahardır. Millət itirdi şövkətü şanın, cəhənnəmə! Zillət kəsib cahanda təvanın, cəhənnəmə! Aclıqdan az qalıb verə canın, cəhənnəmə! Fikrin nədir, verəm hələ nanın? Cəhənnəmə! Millət evi cəhənnəmə ki, tar-mardır; Şad ol könül ki, fəsl yenə novbahardır. Yığ şəlpə-şülpəni, bulvara qıl səfər; Ol cənnəti-cahanı gəziş bir, a bəxtəvər! Huri deyilmi? Seyr eləyir, yaxşı et nəzər, Aldanmaram qəztəçiyə, dad eyləmə hədər. Millət qəmindən itilgetlər kənardır; Şad ol könül ki, fəsl yenə novbahardır. Ruhun var isə millət işin qoy kənarda, Millət qəmini kim çəkəcək novbaharda? Çıxsın canı, nə borcuna, yatsın məzarda. Get işrət eylə, məqsədi-insan nigardır; Fikr etmə ki, bu cür hərəkət nagüvardır. Hər kəs dedi ki, millət işi ahü zardır, Söylə ki, vaxt yoxdur hələ, novbahardır. * * * Nə edim Bir nəfər fəqir şəxs nə qədər qeyrətlə çalışırdısa da, külfəti böyük olduğu üçün yeməklərini ödəyə bilmirdi. Bir gün orada, bir gün burada işləməklə öz külfətini bir gün ac, bir gün tox saxlayırdı. Bayrama yaxın neçə dəfə dövlətlilərin yanına gedib yer-yemiş istəmişdisə də verməmişdilər. Odur ki, balaca qızı ona: – Ata, bayramdır, bizə yemiş al, – dedikdə, biçarə utana-utana qızına belə cavab verirdi: Gəldi novruz, a mənim taqəti-canım, nə edim? Vallah, bircə qəpiyə yoxdu gümanım, nə edim? Qoy qənilər gecə-gündüz olalar xürrəm, şad; Onlara çünki müyəssər olacaqdır hər zad, Kef çəkib, bizləri heç etməyəcəklərdir yad. Görüm ol çərxi-fələk dəhrdə olsun bərbad! Məni məğmun eləyib dövri-zamanım, nə edim? Hələ bir çet qəpiyə yoxdu gümanım, nə edim? Doğrudur, sən də uşaq, bayrama eylərsən həvəs; Bir mənim də nəzər et haləti-naşadıma bəs; Hərçi dad eyləyirəm, yox mənə bir kəs verə səs; Dərdü möhnət çoxalır, ay bala, çəkdikcə nəfəs. Yandırır qəlbimi bu dərdi-nihanım, nə edim? Gəldi novruz, a mənim taqəti-canım, nə edim? Yox qənilərdə tərəhhüm bizə imdad eləsin, Bizi bir qulluğa təyin eləyib, şad eləsin, Bəlkə bu möhnətü qəmdən bizi azad eləsin, Dil dolanmır ki, qəmü möhnəti tədad eləsin. Quruyub kəsrəti-qəmdən bu zəbanım, nə edim? Gəldi novruz, a mənim taqəti-canım, nə edim? Məni bədbəxti-zaman eylədi bu taleyi-dun; Bilirəm qüssədən axır olaram mən də cünun; Fikr qıldıqca dolur bu dili-naşadıma xun; Rəhmsizlər evi aləmdə ola künfəyəkun! Çaxçada yox ki, mənim bir quru canım, nə edim? Gəldi novruz, a mənim taqəti-canım, nə edim? Hər nə hasil edirəm, külfətə sərf eyləyirəm; Hər nə ki pul alıram, külfətim ilə yeyirəm; Əlli ildir hələ bu köhnə çuxanı geyirəm; Mənə bir yer veriniz hərçi deyib, söyləyirəm. Indi qəm çəkməyə də yoxdu amanım, nə edim? Gəldi novruz, a mənim taqəti-canım, nə edim? * * * Müznib əfəndi Təng etmə bizə bu yekə dünyanı, a Müznib! Əl çək, mən ölüm, at bu təmənnanı, a Müznib! Xudsərliyi millət özünə eyləmiş adət, Əzasinə bilcümlə edib cəhl sərayət. Bica yerə fəryad eləmə, ol, kişi, rahət. Öz fikrini millət boşamaz qopsa qiyamət. Bir dərdə düşüb yox hələ dərmanı, a Müznib! Əl çək, mən ölüm, at bu təmənnanı, a Müznib! Çalma “Dirilik”də bu qədər tarixi neylər, Tarix adamın halını pisdən də pis eylər. Ibrətsiz olan sərsəri tarixi nə eylər. Yaz küçə sözü, yaxşı roman, aşiqi şeylər. Məcnunluğa öyrət bu müsəlmanı, a Müznib! Əl çək, mən ölüm, at bu təmənnanı, a Müznib! Tarix salır xatirə əcdadi-nəcibi. Yaz aşiqi-məşuqədən, ol xalqın həbibi. Qoy millətin olsun hələ bir eşq nəsibi. Hər dəmdə çağır söhbətə Kəbleyi Qəribi Tənqid edə ol mərifətin kanı, a Müznib! Əl çək, mən ölüm, at bu təmənnanı, a Müznib! Ol bəzi mühərrir kimi, çat sən də muradə, Doldur cibini şövq ilə, söy xalqı ziyadə. Gündüzlər açıb ağzını gəl ney kimi dadə, Amma ki, özün xəlvəti iç hər gecə badə; Çıxsın bu yazıq millətinin canı, a Müznib! Əl çək, mən ölüm, at bu təmənnanı, a Müznib! Keçmişdəki məşhur xanımlar qala dalə. Dəyməz ki, gətirmək oları bir də xəyalə. Yaz, bizləri valeh elə sən hüsnü cəmalə. Bəziləri tək gah mıxa döy, gahi da nalə. Varsa hünərin al əlinə sən də piyalə. Oldun yazıçı, al ələ rumkanı, a Müznib! Tərif elə həm sağərü səhbanı, a Müznib! Millət oyanan şey ki deyil, qopsa qiyamət; Əl çək, mən ölüm, at bu təmənnanı, a Müznib! * * * Müdirim Insafa gəlib rəhm elə mən zarə, müdirim! Qoyma məni bu dəhrdə avarə, müdirim! Şerim daha bəsdir səbətə oldu həvalə, Qoy jurnalına nəzm yazım, müştəri alə. Gər qoymayıram fərq nə dəymiş, nə də kalə, Bu şerimi gəl sən, mən ölüm, salma çuvalə! Yandırma məni həsrət ilə narə, müdirim! Insafa gəlib rəhm elə mən zarə, müdirim! Bir ay gecə-gündüz oluram şeirlə məşğul, Gah yazıram, gah pozuram, vaxt aparır tul; Bu şerimi vursan, olaram mən sənə lap qul, Çap etsən əgər, mən əvəzində verərəm pul. Çox baxma daha əyriyə, həmvarə, müdirim! Insafa gəlib rəhm elə mən zarə, müdirim! Sən başlamısan: qafiyəsi əyri olubdur, Vəzni burada əyri düşübdür, tutulubdur; Vallahı, başım fikr eləməkdən yorulubdur, Bir bax səbətə, sovxana, şerimlə dolubdur. Düz gəlməyinə yox daha bir çarə, müdirim! Insafa gəlib rəhm elə mən zarə, müdirim! Şair deyiləm vəzn ilə şeir eyləyim inşad, Ancaq yazıram xalq arasında qazanım ad; Hər kim məni gördükdə desin: afərin, ustad! Zəhmətlərimi lakin edirsən hələ bərbad. Oldum mən hədəf təneyi-əğyarə, müdirim! Insafa gəlib rəhm elə mən zarə, müdirim! Bu dəfə də çap etməyəsən şerimi eyvah! Bir yaxşı düşün, eyləyirəm mən səni agah! Mən də olaram qeyz ilə bir zadəyə həmrah. Xəlqə deyərəm: müdir olub kafiri-gümrah. Axırda çəkərlər səni də darə, müdirim! Ver onda sən öz başına kəffarə, müdirim! Insafa gəlib rəhm elə mən zarə, müdirim! * * * Nə əcəb Bu millət, ay Baba, lap ittifaq edir, nə əcəb? Veribdir əl-ələ, tərki-nifaq edir, nə əcəb? Nə bir nəfər tapılır bir kəsi edə rəncur; Nə bir vahid çalır bir fəqir üçün zənbur; Nə qəztəçi, nə mühərrir, nə adəmi-məşhur Biri birin söyüb olmaz nəzakətindən dur. Qucaqlaşıb hamı meyli vəfaq edir, nə əcəb? Bu millət, ay Baba, lap ittifaq edir, nə əcəb? Qəztəçi, inteligent, milyoner, ziyalı, filan, Kababçı, ləbləbiçi, ortada-arada qalan, Qoçu, hacı, məşədi, molla, kəndli, bəy ilə xan Ediblər əhd ki, can söyləyib, eşitsin can. Kəmali-şövqlə əzmi-vəfaq edir, nə əcəb? Bu millət, ay Baba, lap ittifaq edir, nə əcəb? Ümuri-millətə heç kəs qarışmayırdı əzəl; Yox idi bir kişi cəmiyyətə qoyaydı məhəl; Odur ki, millət ələ almış idi cami-əcəl, Bax, indi səy eləyir hər nə varsa kor və keçəl. Özün bu millət içində sinaq edir, nə əcəb? Bu millət, ay Baba, lap ittifaq edir, nə əcəb? Hamı dilər ki, ola millətin havadarı, Tutub əlini ola qəm günündə qəmxarı, Səadətə yetirən milləti-diləfkarı. ............................... Nədənsə millət içindən məraq edir, nə əcəb? Bu millət, ay Baba, lap ittifaq edir, nə əcəb? Əzəldə kimsə özünü bu yolda yormaz idi; Verəydi milləti can, əl işinə vurmaz idi; Məlali-millətə baxmazdı, hal sormaz idi, O şəxslər ki, “Nicat”a yaxın da durmaz idi, Dəri-nicatı döyüb taqqataq edir, nə əcəb? Bu millət, ay Baba, lap ittifaq edir, nə əcəb? Xəlayiq indi dilər millətə ola qurban; “Nicat”a üzv ola, cəmiyyətə ola qurban; Baxanda lap bulara ağıldan çıxır insan. Yetər, kömürçü çıxıb ortaya tutub meydan; “Nicat”ı küçəbəküçə soraq edir, nə əcəb? Bu millət, ay Baba, lap ittifaq edir, nə əcəb? Yəqin ki, burda bir iş var, nəhan olur bizdən Və ya ki, əmri-cibiştan şitab edir bizdən; “Nicat”a üzv gəlir Ərdəbil və Təbrizdən. Deyilsə, ay Baba, bircə sual edim sizdən: Çatan çilenliyə bəxtin sınaq edir, nə əcəb? Bununla bəlkə üzün millət ağ edir, nə əcəb? Baxanda yollara, məxluq tappatap yüyürür; Iki əlin də üzünə dayaq edir, nə əcəb? “Nicat” üçün nə isə kəşməkəşdədir məxluq. Qəribə, millətimiz ittifaq edir, nə əcəb? * * * Aktyor Dünən rəfiqlərdən biri mənə dedi ki, bizim müsəlman ziyalılarının, ələlxüsus artistlərinin ayrılmaz və unudulmaz bir yoldaşı varsa, o da həsəddir. Dedim: – Aşna, nə var? Yenə filosofluqdan dəm vurursan. O: – Yox, görürsən ki, bir nəfər bir az diribaşdır, zirəkdir, yaxşı oynayır. O biri tez çalışır ki, nə tövr olsa, onu sıxıb kənara çıxarsın. Mümkünsə ona yol verməsin ki, məbada yaxşı oynayıb camaatın hüsn-rəğbətini qazanar. Hər cür olsa, onun ayağından dartıb yıxmağa səy edir. Biləbilə rolu eləsinə verir ki, o da səhnəyə çıxdıqda Ənzəli balqabağınadönüb qalsın. Mən: – Müsəlman ziyalısı, o da artisti-həsəd, əstəğfürullah, heç belə şey olmaz. O: – Sübut üçün, məsələn, cavan aktyorlarımızdan Hacı Hacınski, özü elə zirək, elə istedadlıdır ki, hər kəs yanında danışsa, ya çətin bir hərəkət göstərsə, o saat hərəkəti alar. O, ləhcə ilə danışıb, həmin hərəkəti də nöqsansız göstərər. Bir dəfə məşqdə oyun arasında ermənicə danışmaq lazım gəlir, erməni rolunu öhdəsinə alan cənab, yanında Hacını görcək, məşq əsnasında ermənicə danışmır və açıq-açığına: – Danışsam, o öyrənər, – deyir və: – Teatr başlandıqda danışaram, – sözlərini əlavə edir. Xülasə, mən ölüm, sən öləsən ilə boynuna qoyurlar. Ağzını açan kimi Hacı zalımoğlu onun kimi, bəlkə ondan da yaxşı danışmağa başlayır. Bir də gördüm bir artist həsəddən az qalıb bağrı çatlasın. Mən: – Canı çıxsın, istedadlı olsun. O: – Yox... axı, tək o deyil. Mən: – Aşna, artıq müşərrəf eləmə. Mən səni nəsrlə başa sala bilmədim, qulaq as, nəzmlə deyim: Pozma heç vəzi-mədarın, aktyordur, aktyor: Başlama tənqidə karın, aktyordur, aktyor. Sən bilirsən ki, olubdur aktyorluq sənəti, Fikri puldur, zikri puldur, yoxdur özgə niyyəti; Boş yerə, bu millətin boynuna yüklər minnəti, Fəxr edir, guya ki, ürfanə sürüklər milləti. Pozma sən də iftixarın, aktyordur, aktyor; Başlama tənqidə karın, aktyordur, aktyor. Özgəni çəkmək qabaq, divanəlikdir, qıl nəzər! Çox da istedadı var, biganədir, bidərdsər; Istəyir tək oynayıb şöhrət qazansın simü zər; Bir onun tək oynayan olsa, alar qəlbin kədər; Qeyb edər şanü vüqarın, aktyordur, aktyor; Başlama tənqidə karın, aktyordur, aktyor. Istəyir məxluq ona təzim qılsın bihüdud; Saxlasın hər ehtiramın, söyləsin, nadir vücud; Zirəki meydana çəkmək heç ona etməz nümud; Mümkün olsa tapdalar, görsə birində var umud; Sındırar qəddi-çinarın, aktyordur, aktyor; Başlama tənqidə karın, aktyordur, aktyor. Görsə bir zirək, deyər: divanədir, gec getdi bu; Səy edər bişmiş aşına bəlkə qatsın buzlu su. Oynasa biçarə yaxşı, tez açar bir gövtgu, Büxldən məcbur olar olsun onunla həm ədu. Ləkələr hər etibarın, aktyordur, aktyor; Başlama tənqidə karın, aktyordur, aktyor. Millətə xidmət deyil, fikri cibişdandır, gözüm! Zirəkə, bir əhli-istedadə düşmandır, gözüm! Qeyrinin iş bilməsindən o peşimandır, gözüm! Bu təəccüb iş deyil, çünki müsəlmandır, gözüm! Tərk edib namusü arın, aktyordur, aktyor; Başlama tənqidə karın, aktyordur, aktyor. * * * Üstünə Bax, dəyənəklə gəlmişəm indi Babanın üstünə; Pərdə çəkir neçin belə yaxşı-yamanın üstünə!? Baxanda hər tərəf, bizim bu sərsəri cəmaətə, Mahal əmrdir, gözüm dolaşmasın qəbahətə. Yetər bu işlər, ay Baba, de bəs haçan nəhayətə? Cahan olubsa mürtəkib bu bədrəviş cinayətə, Qoşun yığıb, hücum edə bütün cahanın üstünə! Cahan cahan deyil daha, züluma aşiyanədir, Qalıbsa ədlü rəhmdən boş ad, o da fəsanədir; Biri tərəhhüm etsə də, yəqin ki, xainanədir. Baba! Zəmanə bircə bax ki, gör nə cür zəmanədir? Tülkü də diş qıcırdadır şiri-jəyanın üstünə! Qlasnılar bütün hacı, hamısı hala bixəbər... Alır pulu, gedir yatır; nə inqilab, nə dərdəsər?.. Uçur fəqirlərin evi, qalır əyalı dərbədər. Bu pis zamanda pul da yox, Dum əhli hər gün, hər səhər Qapıb külüngünü gəlir uçuq komanın üstünə! Müsəlman əhli məst olub bütün meyü şərabdən, Görəndə Sonya, Lizanı gedir qərarü-tabdən, Öz övrətini sitr edir ziyayi-afitabdən, Götürmüş övrət həpsini de hansı bir kitabdən? Günüz gedib, gecə gəlir o binəvanın üstünə! Kömək gözətləmə, Baba, bu itilget-filanıdan, Tapılmaz onda bircə iş bəqeyri boş yalanıdan; Gecə-gündüz, pasaj, klub gəzib, düşür amanıdan, Olarmı gözləmək, Baba, bir özgə iş piyanıdan? Yüyürmə boş yerə daha o lül piyanın üstünə! Qəzetçi ilə şairin dolaşma heç mədarına; Biri söyüş yazır, biri qəzəl yazır nigarına; Bu bircə kəlməni, Baba pıçılda guşi-karına; Mühərrirəm, məqalənin düşərsə bəd damarına, Dayanma, tez yüyürginən get stəkanın üstünə! Kömək-zad umma kimsədən, daşın bu boş xəyalından, Gələrmi buğda, çırpasan nə qədər, boş çuvalıdan; Kömək tapılmağın işi məhaldır məhalıdan; Tək atlanıb aralığa, çəkilmə heç zəvalıdan, Qoyub da tiri çilləyə, gətir kamanın üstünə! Çətindir işlər, ay Baba, keçib boş ixtilatıdan; Bu millət az qalıb çəkə əlin bu bəd həyatıdan. Bizə əlac tapıb, tez ol, qutar bizi məmatıdan, Mahal əmrdir kömək gözətləmək “Nicat”dan Ümid var bir az yenə yüyür “Səfa”nın üstünə! Məgər ölübsən, ay Baba, neçin oturmusan belə? Tez ol kəməndi-kürzünü dübarədən götür ələ, Yıxıb dağıt bu bidəti misali-rədü zəlzələ. Yüz on yaşında bir kişi nə haqq ilə durub gələ On üç yaşında düxtəri-şuxü cavanın üstünə? Əvvəlcə xalqa faş elə danosbazın ədasını, Sora qlasnının ucalt Dum içrə hər sədasını; Bu tövr başla, ay Baba, işin bir ibtidasını, Yalan-palanı tərk edib gəl iftiranın üstünə! Yeri sükuta qərq edib, yüyür havanın üstünə! Bular düzəlməsə əgər, get Hac-Yavanın üstünə! * * * Uzun dərya (Siyahət xatiratımdan) Babacan! Guş elə əlan sənə bir hekayət edim ünvan ki, çıxar ortalığa sirri- nihan, xalq görə işləri gündən də əyan, sən də ki, qalma nigaran, çünki sənə yazmayıram xeyli zaman, şeir və ya meir-filan; indi dayan mən sənə bir-bir səbəbin söyləyim: ol vaxt ki, mən yazmağı atdım, o zamandan yatıram evdə yarımcan; neçə gündür ki, gəlib üstümə molla oxuyur “yasin”, Quran. Bəli, zahirdə dua eyləyir, amma ürəyindən tələsir, tezcə ölüm mən, qurula süfreyi- ehsan, gələ bu mollaya yağlı fisincan, oxuya bir-iki “yasin”, ala on beş manat ondan da, xülasə bu naxoşluq səbəbin də deyirəm: işdən olunuz müxbir və halı, mən ölüm saxla sualı, mənə ver bircə məcalı, sözümün var hələ dalı: günü bir gün yığılıb beş nəfər insan ki, hamı pak müsəlman; özü də tazə cavan, hər biri bir şiri- jəyan, Rüstəmi-dəstan, danışıb olduq hamı birgə bir “Gömurnat bağı” səmtinə rəvan, bircə dayan, gör hələ daldan nə gəlir: tez gedib ol dəmdə oturduq, üçü əyləşdi yerə, mən də ki, Əhmədlə ayaq üstə durduq. Danışırdıq, gülüşürdük; gəzişən qızlara hərdəm sataşırdıq, gedib hər dəm də olara qarışırdıq ki, bizə bir dənə “balvan!” da deyib qovlayalar, ta ki, o dəmdə qayıdıb kor-peşman dayanırdıq yenə əvvəlki yer üstə... geri baxdıqda nə gördük ki, gəlir bir yekə dəstə, hamısı xırda uşaqdır, yasavul boyları bəstə; o ki, bulvarda muzik-zad da çalırlar. Oturub cümləsi bizdən o yana, oldular həm söhbətə məşğul, sözü qılmayıram tul: qərəz Tanrıbala anladı karı, durub ol vaxt ayağa dedi ki: getməliyəm, mən onu tutdum: səni tanrı, oturubsan hələ bir qədri də barı! Bu oturdu. Bu tərəfdən də Kərim xan çənəsin əydi ki, bu xırda uşaqlar bizi döyməkliyə olmuş hamı hazır; onu da Məşdi Hacı eylədi rahət. O zaman mən də bilirdim iş alıb özgə qiyafət. Ayağa durdu o dəm bircə yasavul, dedi: ey şəxs filani! Niyə siz qardaşımı döymisiniz? Onda dedim: aşna, demə böylə yalanı, hamımız pak müsəlman, eləyirlər bizə böhtan; bu zaman bir səs eşitdim ki; qaçın, adə, gəlirlər, qaçın ha... Gəldi ayaqlar səsi. Amma mən utandım, hələ bir qədər dayandım. Birisi söylədi, ey şəxs “maşannik!”. Necə yoldaşsınız! Oldəm geri baxdım ki, sayım, bir də nə gördüm, hamı qaçmış, hələ mən bircə nəfər qalmışam. Üz tutdum olara, dedim: and olsun əziz canınıza, təkcə mənəm, hər nə bilirsiz, ediniz. Birisi dedi: əl çəkiniz ondan tutunuz yerdə qalanları! Qaçanları vurunuz öylə, bədəndən çıxa canları... Xülasə, bu da baş tutmadı. Birisi yapışıb onda yaxamdan məni saldı təpik altına; vah, vah nə yedin turşu-şirin, vur ki, vurasan. Təpik ol dəmdə ilişdi gözümə; sanki alov çıxdı gözümdən, burada getdim özümdən. Oyanıb bir də nə gördüm ki, öz evimizdəyəm, arvadlar hamı cəmləşib başıma; birisi deyib ağlar, birisi başımı bağlar. Dedim: aya, nə olubdur, ayağa durmağa cəhd eylədim, amma ki, nə gördüm daha yox məndə nə taqət, nə filan, Allah aman, halım olubdur nə yaman... Ay Baba! Oldur ki, sənə xeyli zaman yazmayıram; çox yatıram evdə, yarımcan hələ fikr eyləyirəm, bəs nə olubdur mənə, əhvalımı etmiş belə məğşuş, oluram saniyədə beş yüz on altı kərə bihuş, Baba, sözlərimə yaxşı elə guş, gəlir bircə bu söz yadıma ki, onda mənim yoldaşımın birisi... ki qaçırdı özü, amma ki, deyirdi bu sözü: Dövrəmi aldı duman, Mən qaçıram, sən də qaç! Aşna, iş oldu yaman, Mən qaçıram, sən də qaç! Mərd olan insan qaçar, Ta ki, qurtarsın təni, Sən də yerin varsa qaç; Yoxsa əzərlər səni. Gər dayanırsan dayan, Əfv elə bu bəndəni. Dursam əgər burda mən, Xub döyəcəklər məni. Yox ki başımda saman, Mən qaçıram, sən də qaç! Aşna, iş oldu yaman, Mən qaçıram, sən də qaç! Mən dəliyəm ki, salım Öz başımı cəncələ? Sən ki, dayandın, işin Düşdü yaman əngələ. Vaxt var ikən qaçım, Sən də ki, sağ ol hələ. Yoxsa düşərmi belə Qaçmağa fürsət ələ? Salma mənə heç güman, Mən qaçıram sən də qaç; Aşna, iş oldu yaman, Mən qaçıram, sən də qaç! Əhməd uzun qıçlıdır, Qaçdı qurtardı özün; Qaldı ki, o Mir Bəğəl, Söyləmirəm heç sözün; Mən də ki, heç durmaram; Söyləyirəm lap düzün; Tanrıbala döyülüb; Qan bürüyübdür gözün, Ensə yerə asiman, Mən qaçıram, sən də qaç! Aşna, iş oldu yaman, Mən qaçıram, sən də qaç! Bir də nə gördüm, qaçır Tülkü kimi Mir Bəğəl, Qaçdığı dovşan kimi Gözdən itiblər əzəl. Ortada mən qalmışam, Heç yerə çatmaz əl; Söylədi ruhum o dəm Cismimə: – Ey kəməhhəl! Etmə məni imtahan, Mən qaçıram, sən də qaç! Aşna, iş oldu yaman, Mən qaçıram, sən də qaç! Cism sərildi yerə. Oldu cida huşdan; Qan damarıma donub, Düşdü daha cuşdən, San qaçırıb “Maryanı” Intelligent duşdən; Bircə bu üç kəlmə söz Çəkməyir əl guşdən: Mən qaçıram, sən də qaç! Aşna, iş oldu yaman, Mən qaçıram, sən də qaç! * * * Babacan, bir gecə evdə oturub fikr edirdim. Necədir millətin halı, nədədir fikrü xəyalı? Oturub xəlvət ev içrə verir idim özümə belə zorba sualı: ki, on ildir bu bizim qəzetçilər gündə yazır zorba məqalə, hamısı zor eləyib əqlü kəmalə, bu hünərlər hələ nəsr ilə deyil, bir də görürsən yazılıb şeir-filan, yarısı yalan, müxtəsər hansına baxarsan hamı “hürriyyəti-nisvan” – deyə fəryad qılır, aləmi bərbad qılır. Bəzi yazır: qız oxuyub alsın ədəb, şarei-əqdəs dəxi etmişdi tələb, diqqət ilə fakir verilsə görülər qızlar hamı olmalıdır ər kimi azadə ki, heç kəs ona bir söz deməyə etməyə cürət, atıla pərdeyi-zülmət, yaxıla hayili-nikbət, gəzə hər yan, dolana xürrəmü xəndan, girə cəmiyyətə, ya başqa bu cür milli məkanə daha evdə oturub gəlməyə canə, o zamanlar ki, çəkir isti zəmanə, əriyib istidən evdə nə dönə zorba piyanə, sənə qurban belə biüzrü bəhanə, ola ərlər kimi onlar dəxi bir sahibi-fərman, edilə işləri asan, daha qultək satılıb, qalmayalar zarü pərişan, dili-büryan, gözü giryan, ürəyi lalə kimi dopdolu al-qan, nə sayılsın dəxi heyvan, nə döyülsün, nə də qol-qıçı əzilsin, hamı insan sayıla, bəlkə bu biçarə yazıq millətə dərman tapıla. Bəli, bu məsələyə səs verən oldu, nə qədər əhli-əba, molla yava, səbri-əda, kani-vəfa, bir də ki, Şiraz ilə Təbriz arasından yığılan molla öküzlər, olar hərçənd ki, öz xeyrini gözlər, deyəcəklər ki, hamı qızlara lazım deyil əsla, oxuyub elm bilə, gündə otuz dəfə gərək qız döyülə, həm söyülə, dinsə əgər ağzına vursun əri şillə, şapalaq, peysərinə biriki yumruq, belinə bircə təpik, qıçlarına bir neçə toppuz və çomaq, ta əzilə əl-ayağı, həm göyərə, həm də şişə dil-dodağı, hasili ömrün keçirə böylə səyaq ilə ki, ərz eyləmişəm. Hə, nə deyirdim ki, bayaq mən oturub fikr qılırdım, arabir öz-özümə belə deyirdim: nə qədər qəztəçilər dad elədi, bəhsdə lap ad elədi, qızları dilşad elədi, mən kimi bu dad ilə bidad ilə, fəryad ilə, azad qılıb eylədilər şadü-xürrəm. Hanı “hürriyyəti-nisvan”, hanı azadeyi-insan, nə səbəblə buna əfrad müsəlman, çalışıb eyləməyir şövq ilə çarə, harada qaldı o fəryad-fəğan, yenə oldu haman köhnə daban, bəs o zaman söylədilər millət oyandı. Hamısı bidəti dandı, zərərin xeyrinə qandı, budamı oldu fəsanə, atılıb getdi o yanə, bu da baş tutmadı, iş qaldı çobanə, yenə qızlar oda yandı, hamı möhnətdən usandı, yorulub, həm əzilib bir ölü tək yerdə uzandı. Baba, bu işlərə baxdıqca mənim halım olur xeyli pərişan, o zaman əl uzadıb bir qəzet aldım ələ, gördüm ki, yazıb əşrəfi-dövran, o nədir? Əxri- müsəlman ki, onun ruhuna qurban, adı da çıxdı yadımdan, o ki hər gündə otuz beş opera ortalığa tullayır asan, hamısında yazılıb yaxşı qəzəllər, hamısı aşiqi sözlər, oxuduqca adamın ruhunu yellər, bu sayaq şeir yazan olmayıb əsla, nə əzəldə, nə də axırda olar, kim budu bir şairi-mütləq, özü də etmiş özün lap o Füzuli babaya varis, bər haqq; vinovat, çıxdım, özümdən mən ölüm sınma sözümdən, yazıb axırda belə eylədi: a müsəlman! Bu da bir ilk qədəmdir ki, bizim səhnəyə də çıxdı xanım, həm oxudu şurilə şahnaz, arada oynadı bir az, atılıb getdi o gözəl bığlı xanım, yəni ki, ağdamlı canım, qız rolunu qız ifa edəcək, zor və hünər göstərəcək, bu şərəflə bu günə müslüm olan “Yomi-müqəddəs” deyərək, zərlə də tariximizə yazmalıdır. Mən burada söyləyim: ay can, nə gözəl oldu, müsəlman qızı da səhnəyə çıxmış, nə qəşəng iş, nə müqəddəs əməl, indi deyərəm səhnə dirildi, babacan, lap bu zaman qəlbim olub xürrəmü xəndan, otura bilmədim olvaxt sevincimdən, o dəm durdum ayağa, atılıb düşdüm otağa, qapını bağlayıban, körpə uşaq tək yüyürüb getdim uzağa. Tez əl atdım papağa, qapıb atdım göyə, urra deyə bir dəfə papaq düşdü sola, sonra da sağa, bu səfər düşdü qabağa, yenə də millət oyandı, daha urra deyə atdım papağı, düşdü o dəm yanmış ocağa, alışıb yandı bütün lap külə döndü, ürəyim burda döyündü, azacıq şadlığımın şiddəti söndü, bəcəhənnəm ki, papaq kül kimi yanmış, döndüm geri, tapdım qəzeti, ta oxuyub o gözəl işdən, hələ o ilk qədəmdən olum halı, oxudum bir də nə gördüm, Baba can, səhnəyə çıxmışdım “madam Vaskanyan”, Allah aman, heyif o papaqdan, bunu, ey kaş oxuyaydım haman əvvəlcə bayaqdan, təzədən bir də yüyürdüm ki, görüm bəlkə papaq sovxa dirilmiş, hələ bu dəfə də heç zərrə qədər kül də papaqdan yox idi, qəlbdə dərdim çox idi, kor-peşman oturub orda yerə söylədim: ey qəzetə yazanlar, bu nə işdir, tutaq operaçı nəfi üçün böylə edir, siz nə üçün qəzetənizə dərc qılıb xalqa verirsiniz? Burada bir təzəlik yox ki, əzəldən də “madam Liza və ya “Şura”-filan səhnədə tutmuşdu məkan, bir yekə meydan, yox idi bircə müsəlman, yenə də şükr ola ağdamlı özü pak müsəlman tapılır, naz ilə segah oxuyur, biz bilir idik bunu ki, səhnədə yox müslümə, ol səhnə işin qeyrə veriblər, oları qəsdimizə halı ediblər. Hələ, bişəkk, bizə xeyli gülüblər, işimiz ləng ikən ancaq papağım yandı nahaq, bir buna bax! Ortaya atmış özünü, millət oyandı, ay aman, mən də dedim, bəs nə olubdur? Nə olubdur? Nə olubdur? Nə olub səhnəyə çıxmışdır “Arus Vaskanyan”. Nəzər etdikdə, yenə köhnə qapı, köhnə daban. Mən dedim şükr ola ki, müslümə çıxmış araya, Olacaq bir gün üzüm isti dəyərsə qoraya. Bizə daim o gülənlər hanı, gəlsin buraya; Baxıram millət oyandı, sözü qalmış soraya. Hələ tərif olunur bircə dama Vaskanyan, Nəzər etdikdə yenə köhnə qapı, köhnə daban. Atılıb düşdüm o qədri ki, yoruldu ayağım, Heç nə yox, boş yerə manqalda yaxıldı papağım. Işi də əksinə gördükdə pozuldu damağım; Bunu görcək, ay Baba, gəldi mənim ağlamağım; Nə bilim ortaya çıxmışdır “Arus Vaskanyan”, Nəzər etdikdə, yenə köhnə qapı, köhnə daban. Mən dedim hansı xanımdır görəsən eyləmiş ad, Səhnəyə çıxmaq ilə millətini eylədi şad. Görünür eylədi nisvanı qəzetlər azad. Yoxsa heç ortada bir şey yox imiş qeyri-təzad. Demə çıxmış araya bircə madam Vaskanyan, Nəzər etdikdə yenə köhnə qapı, köhnə daban. Bu isə ilk qədəm, yol ver, a millət başına, Ağla, çünki yenidən çıxdı şərik bozbaşına. Özün azca yemisən, get xəbər et yoldaşına, Bu sayaq ilk qədəm dəysin əmi, öz başına! Nə imiş ilk qədəm: bircə Arus Vaskanyan, Nəzər etdikdə yenə köhnə qapı, köhnə daban. * * * Halın necədir Ay Baba, söylə görüm, indiki halın necədir? Millətin halı üçün fikrü xəyalın necədir? Söyləyirdin bizə daim niyə bu qədr yalan Ki, uzun oynanacaq səhnədə “Arşın mal alan?” Öləcək səhnə, drama, nə ki, var yerdə qalan. Təzə cəmiyyət açıblar, nə yatıbsan, bir oyan. Di bu cəmiyyətə məqsudi-məalın necədir? Millətin halı üçün fikrü xəyalın necədir? Səhnəyə çəkdi “Səfa” ildə on üç gün zəhmət, Hasili getdi drama baş-ayaq, bir rəhmət; Aktyorlar yığışıb axırı etdi hümmət, Təzə cəmiyyət açıb, ta ki, dirilsin millət. Di bu cəmiyyətə sorğu-sualın necədir? Millətin halı üçün fikrü xəyalın necədir? Dirilib indi drama, kefim olmuşdur çaq, Bu işi əmri-mahal ədd eləyirdin, a qoçaq! Aşna, gördüm şaşıb hərdəm danışırsan beş-ayaq, Yaşasın bu sayaq artist, sağ olsun, yenə sağ! Başa gəldi, o sənin əmri-mahalın, necədir? Millətin halı üçün fikrü xəyalın necədir? Daha hər lobyasatan, çəkməçilərlə həmrah Oluban, küçədə verməkçin oyun, tapmaz rah; Dirilib gəldi drama, azacıq söz kütah, Ömür lütf et belə artistlərə, sən ey Allah! Söz ki bitdi, daha sındı pərü balın, necədir? Gələcək səhnə üçün fikrü xəyalın necədir? * * * Dram cəmiyyəti Kəmşüur Əyyarə Çıxmamış ortaya iş, Çox da fırıldanma balam! Görəcəksən yenə də Köhnə tas, köhnə hamam. Mənə bir aktyoru De ki yox onda qürur; Necə ki, zərrə qədər Yox imiş səndə şüur. Bir ayır gözlərini, Niyə oldun belə kur? Bax o cəmiyyətə də Nə ki var orda tamam Görəcəksən yenə də Köhnə tas, köhnə hamam. Açılıb əlli kərə Bu sayaq bəzmi-şüar, Mən də çox eyləmişəm Sən kimi fəxrü vüqar. Yenə puç olmuş hamı, Olunub “von” be məzar. Boşalıb fəxr yenə, Dolunub yəs ilə cam. Görəcəksən yenə də Köhnə tas, köhnə hamam. Belə ki, mən görürəm, Bu müsəlmanın işin, Satacaq üç qəpiyə Nə ki var məzhəbü din. Mən də təqib eləyib Belə karın rəvişin; Bunu bir anlamışam Gələ gər yüz min imam. Görəcəksən yenə də Köhnə tas, köhnə hamam! Yenə birisi deyəcək: “Mənə çox oldu cəfa”; Biri burdan deyəcək: “Yox o birisində əda”. Yenə əvvəlki həsəd, Yenə də bəxlü riya... Bu nifaq ilə de bir, Kim alıb kam, məram? Görəcəksən yenə də Köhnə tas, köhnə hamam! Biri burdan deyəcək: “Mənə az çatdı ğruş”. Onu o biri söyəcək, Tutacaq qeyrini boş. Bir də gördün aparıb Təzə cəmiyyəti huş. Gedəcək işləri lap Bu sayaq ilə müdam. Görəcəksən yenə də Köhnə tas, köhnə hamam! Hələ bir qədər dayan, Görəcəksən sən özün; O zaman xiyrələnər Daha da zorba gözün. Kəsilər onda dilin, Dolaşar onda sözün. Biləcəksən sən özün Ki, düşübsən necə xam. Görəcəksən yenə də Köhnə tas, köhnə hamam. * * * Sahib-zühur Evini Allah yıxsın, a Baba, Dum əməllərindən qabaq bizim evimizi sən yıxdın ki, elə dedin: “Qız gərək oxusun, qız gərək oxusun!” Indi yaxşıdır? Mən sənə demədim ki, o məktəblərdə oxumağın axırı, boynuna xaç salmaqla qurtaracaq! Mən ha dad elədim, sən elə dedin – yox... Nə baxırsan üzümə, yoxsa yenə demək istəyirsən? – yox? Daha yum ağzını, bax, bu da qəzet, bu da müsəlman qızı “Zavedenie Svyatoy Ninı” məktəbini tamam edib, bir qızıl xaç da alıbdır. Bəh, bəh! Elə bu qalmışdı ki, qızlarımız boyunlarına qızıl medal, qızıl xaç da salsınlar. Yox, daha dünyanın axırıdır. Srağagün aşağı gedirdim, bir qapıda yazılıb: “Doktor Göhərxanım Əliyeva”. A kişi, oxuyub doktor olmağı məni yandırmır, götürüb bir də yazır ki: “Fəqir müsəlman xanımlarına müftə müalicə olunur”. Deyəsən, bu gəlib Allah verən dərdi sağaldacaq! Əgər bir naxoşun əcəli yetişibsə, istəyirsən pul ilə bax, istəyirsən pulsuz o öləcək ki, öləcək! Hə, nə var, Baba, gülürsən? Yoxsa şadlanırsan ki, müsəlman qızı məktəbi qızıl medal ilə tamam etmiş, yaxud müsəlman xanımı təbibə olub, öz bacılarına məhrəmanə kömək edir. Yox, Baba, indi bildim ki, sən də kafirsən. Vay atanın evinəcən, məxluq tamam kafir imiş! Oldu islam əhli səd əfsus kim, islamə dur, Vaxtdır, çox qalmayıb ta eyləsin sahib zühur. Bilsə yasin eybi yox, amma ki, sitr etsin üzün; Qoymayın nisvanı viran məktəbə salsın özün; Qanmadı heç kəs Qəyurun bu qəyuranə sözün, Bir baxın, qoydu xəlayiq axır adım “Kəmşüur”; Vaxtdır, çox qalmayıb ta eyləsin sahib zühur. Qız ədəb alsın deyə, verdi qəzetlər səsbəsəs, Taki nisvan milləti-islama olsun dadri-rəs, Söylərəm, qızlar qızıl xaç salmağa eylər həvəs; Saqqalım yoxdur, sözümə guş qılmaz heçcə kəs. Düz yolu millət azıb, girdaba düşdü misli-kür, Vaxtdır, çox qalmayıb ta eyləsin sahib zühur. Zərrəcə islama qızdan nəf ola qabil deyil; Qız ki, var naqisfərasətdir, gözüm, aqil deyil, Əlli il təhsili-elm etsə, yenə kamil deyil; Ay canım, qızlar ki, insaniyyətə daxil deyil. Qızlara insan deyib, məxluq edir başına zur; Vaxtdır, çox qalmayıb ta eyləsin sahib zühur. Qızların təhsili dini-paki eylər sərnigun; Naqisül-əql olmağından elm ilə çıxmaz cünun. Bəzi qızlar var hələ, lap qurtarıb darülfünun, Sonra da paltar geyir, islamı da etmiş zəbun. Bunlara bişək çəkir düzəx zəbanə çün tənur; Vaxtdır, çox qalmayıb ta eyləsin sahib zühur. Elm təhsilin qıza peyğəmbər etmişdir haram; Bəzi sarsaqlar bunun əksin deyirlər sübhü şam. Qəztələr peyğəmbərə böhtan edirlər, bittəmam. Çox zaman çəkməz qiyamət, şübhəsiz eylər qiyam. Mən biləm, fərman alıb Israfil etsin nəfxi-sur; Vaxtdır, çox qalmayıb ta eyləsin sahib zühur. * * * Oyanıb Yaşasın doğrusu, gör cümlə müsəlman oyanıb, Varlı, yoxsul, ürəfa, canlı və bican oyanıb. Hamısı hümmət edir, qeyrət edir, ibrət edir, Eləyir cümlə nəzər işləri sahman, oyanıb. Oyanıb millət əcəb, tapdı nicatın yolunu, Oxuyub elm, kəlam etməyə insan oyanıb. Sübh açıldıqda böyüklər yüyürürlər qabağa, Dalca gəlməkliyə də millət obaşdan oyanıb. Çıxıb hər gündə qəzet, həftədə məcmuə, kitab, Çox mübarək, bu “Babayi-Əmir” əlan oyanıb. * * * Atəş Ey əzizim, bir belə bəsdir dedin, Seyyidü axund, molla söhbətin. Varsa gücün, indi bir az yazgilən, Şairi-mahir, üdəba söhbətin. Al qələmi, yaz oları adbaad, Şair ola, mair ola, bisavad. Söylə, nədir, şair, deməkdən murad: Ərzi qoyub, yazma səma söhbətin. Bir də görürsən ki, yazırlar bizə. Çarşab ilə yaxşı deyil qız gəzə. Sözləri lap biməzədir, biməzə Yaz bunları, at ülamə söhbətin. Xalqa deyirlər: “Eləyin ittifaq”! Bir deyən olsun bulara, ay qoçaq, Bəs özünüz eyləyəcəksiz haçaq?.. Xalqa deyirsiz bu xuda söhbətin. Vodka içirlər ağa tək özləri, Biz bir az içsək ovurlar gözləri. Ey əzizim, yaz bu gözəl sözləri! Yazma dəxi molla yava söhbətin. * * * Çalma Qoy bir azacıq rahət ola canım, a Şeypur! Çalma mən ölüm, partladı vücudanım, a Şeypur! Möhkəm çalıyorsan bu zəman yox buna hacət, Dutmuş səsin afaqi buraxmaz bəni rahət, Bən bulmada az-az gecələr guşeyə xəlvət, Sən də buradan başlamısan tazə qiyamət, Faş etmə əgər varsa da nöqsanım, a Şeypur! Çalma mən ölüm, partladı vücudanım, a Şeypur! A kişi, sənə nə bən gəzirəm bulvarı zadı, Hər istədigimdən alıram kamı, muradı, Gənclər arasında bu iş olmuş belə adi, Zatən qoçuyam, anlamaram şəri, fəsadı, Puldan doludur çün ki, cibişdanım, a Şeypur! Çalma mən ölüm, partladı vücudanım, a Şeypur! Qəyyum yaratmışmı səni bizlərə, tarı, Hər işdə çalırsan o saət şeypuru, tarı, Bir “du-du” salırsan, baxıyor el bizə sarı, Xəlvətə desən, kişi, olar dərd genə yarı, Onda qaralır, çalxalanır qanım, a Şeypur! Çalma mən ölüm, partladı vücudanım, a Şeypur! * * * Ağa Şeypur Yazdım sənə bu naməni pünhan, ağa Şeypur! Xəlvətdə oxu, tap mənə dərman, ağa Şeypur! Bən zənginəm, oğlum da, bənəm nazıyla pərvər, Konfet, şakaladlən böyüdüb xərcləmişəm zər, Hər gün yüzinə pudra çəkir, əgni müəttər, Qamətdə bulunmaz ona bir kimsə bərabər, Rüstəmlər olur şəstinə heyran, ağa Şeypur! Fikr eylə, düşün, bul mənə dərman, ağa Şeypur! Insafa rəvadırmı bu cür nazlı, dilavər, Əsgər gedib olsun kişi bir tabvərə mütəhhər, Dün söylədi ruhani bizim molla Səməndər, Oğlun keçib on doqquzu olsun gərək əsgər, Vardırmı belə şəxsdə vicdan, ağa Şeypur! Fikr eylə, düşün, tap mənə dərman, ağa Şeypur! Dutdum yaxasın, söylədim ay molla filani, Insafmı ki, əsgər verəsən böylə cəvanı? Əsgərligə yaz bir kasıb oğlun çıxa canı, Vallah dutaram, yırtaram əgnində əbanı, Az qaldı düzəldim yekə meydan, ağa Şeypur! Fikr eylə, düşün, tap mənə dərman, ağa Şeypur! Əsgər olub oğlum, bunu mən etmirəm inkar, Bir şişka taxıb, yaxşı çuxa, qırmızı şalvar, Amma o zaman məskəni veçerdi, ya bulvar, Vardı nə ölüm onda, nə düşmən, nə də əğyar, Hər gün qazanır, hər gecə şantan, ağa Şeypur! Fikr eylə, düşün, bul mənə dərman, ağa Şeypur! Imdi daha yox qırmızı şalvar, nə də şantan, Var bircə tüfəng, güllə yağır əsgərə hər an, Bir böylə oda öz xələfin sövq edər insan?! Oğlum olub əvvəlki işindən də peşiman, Yetmiş hələ gizlənməgə biiman, ağa Şeypur! Çox da işi uydurmuşam asan, ağa Şeypur! Əmma ki, paxıldır bizim insan, ağa Şeypur! Çox qorxuram dolsun danos hər yan, ağa Şeypur! Fikr eylə, düşün, tap mənə dərman, ağa Şeypur! * * * Bilirəm “Zəhlə töküb yazma” – deyənlərə Yazdığım zəhləni tökməkdədi çoxdan, bilirəm, Məni əfv et, yazıram hərzəvü-hədyan, bilirəm! Nə ədibəm, nə mühərrir, kişi, şair deyiləm, Şüəra və üdəbalar kimi mahir deyiləm. Ciddi yazmaqla Hadi, gülgüdə Sabir deyiləm, Xamədən dürrü-gövhər tökməyə qadir deyiləm. Yazıram çünü-cəra, hərzəvü-hədyan, bilirəm, Yazdığım zəhləni tökməkdədi çoxdan, bilirəm! Mən də az-maz bilirəm yazmağı, bir pürhəvəsəm, Çün neçə sahibi-xamə ilə mən həmnəfəsəm. Məcburam töhmətin ilə səsimi mən də kəsəm, Məni əfə eylə, itaət sözünə eyləməsəm. Mən də çün-çün yazmağıma yoxdu bir imkan, bilirəm, Yazdığım zəhləni tökməkdədi çoxdan, bilirəm! * * * Göyə çıxdı “Bu vaxta kibi uçuruma düşüb məhv olan Şeyx Sənan və Xumarı təzə rejissor bu axır vaxtlarda hökumət teatrosunda göyə merac etdirmişdir”. Axırda dünən səhnədə Sənan göyə çıxdı, Talan olunub din ilə iman, göyə çıxdı. Meraca qədəm qoydu Xumar ilə bərabər, Birləşdi o dəm can ilə canan, göyə çıxdı. Gördüm neçəsin zalda gedən dəmdə özündən, Bir dəstə “cayıl”, gözləri giryan göyə çıxdı. Məclisdə yaxarkən evini Şeyx Kəbirin, “Qalyorka”da bir dəstə müsəlman göyə çıxdı. Saldıqda xaçı boynuna ol şeyxi-müqəddəs, Dal cərgədə çarşaflı Tükəzban göyə çıxdı. Dərd anbarı Sənan – Şərifzadə uçarkən, Düşdü zala “nırçıltı” və Əfqan göyə çıxdı. Verdikcə xodu ləhceyi-davuduna “Bülbül”, Qaçdı yuxusu, Kəlbə Miraslan göyə çıxdı. Güldürdü doyunca barı məxluqu “Şaraplı”, Bir dəstə çocuq, xeyli xuraman göyə çıxdı. Meraci-Nəbinin özüm əfsanə sanırkən, Bildim bu tamaşada ki hardan göyə çıxdı. Gər səhnədə Sənan göyə çıxdıysa, yəqinən Düzdür deyilir təxti-Süleyman göyə çıxdı. * * * Vıveskalarımız Vıveskayı türkcə yaz, Latınca yaz, rusca yaz. Verildi prikaz, Yaz dedilər, yaz! Tapıldı rəngsaz, Verildi pul az, Yaz dedilər yaz! Indi buyur, lövhəyə bax, Sözlərin hamısı dalqabaq: “Parçaçı” olmuş “paçaçı”, “Bəzzaz” olub “baz”. Yaz dedilər yaz! “Baqqalı” yazdı “saqqal”, “Baksayuz”u “bakmayuz”; “Azsayuz” oldu “Azsatuz”, Maşın satan “maz”, Yaz dedilər yaz! * * * Özünü gözlə Aktyor düzgün keçinsə, iddialar fok gedər, Səhnə qalsa qalmağalsız, bu balalar fok gedər! Olmasın səksən blok, doxsan dolanbac, yüz oyun; Işdən iş çıxmaz ki, öyrən gəl, geyin, oyna, soyun; Hər kəs uğraşsın iş ilə, qurd ilə gəzsin qoyun; Onda böhtanlar, yalanlar, iftiralar, fok gedər! Keçdi yay, gəldi payız, canlar qurtardı qorxudan; Bir xəbər vardır, ayrılmış hamsı guya uyqudan; Bizə ancaq olmasa hərdən bir az cəncəl-filan, Onda parlaq başlayış, lax intahalar fok gedər! Əlli ildən qalma şeylər, hamsının süd əzbəri; Eylədikcə el tərəqqi, aktyor həslər geri. El gələr, yox çarəsi, səs salma, xamdır müştəri; Kamil olsa aktyor, boş iddialar fok gedər! Kim ki, yüksəkdən danışdı, səhnənin Allahıdır; Qəhrəmandır, baş premyerdir, ümumun şahıdır. Müxtəsər, hər kəs bu gün gəlsə, sabah bir dahidir; Bilsə hər kəs qiymətin, bu iştahalar fok gedər! Çal təbil, təbbal, mövsim gəldi, iş səhmanlanır; Düz üç aydır aktyor qüsl eyləyir, dərmanlanır; Bəlkə bu mövsim dönər iş, səhnə bir az canlanır, Yoxsa xahişlər, ricalar, ilticalar fok gedər! * * * Tap görək Bir küçəm var buxartana Qələndər-a-qələndər! İşçi yaşar buxartana, Qələndər-a-qələndər! Şalmanı var buxartana, Qələndər-a-qələndər! Lampası var buxartana, Qələndər-a-qələndər Çolma-çocuq bir sürü, Məktəbə getməz biri. Yaxında yox məktəbi, Burda başlanır şəbi. Məktəb üçün müxtəsər Əlli palan yol gedər. Yol da nə yol, beyləsin Heç analar görməsin! Yayda tozu ətəkdən, Qələndər-a-qələndər! Qışda çamur göbəkdən, Qələndər-a-qələndər! Keçən keçir yıxılır, Əl-ayağı burxulur. Yağış yağa, çocuq qız Yol gedəməz lodkasız. Günüz kim evdən çıxa, Batar yolda palçığa. Baxırsan altdan dağa, Lehmə çıxıb qurşağa. Nə at keçər, nə fayton, Qələndər-a-qələndər! Yol gedəcəksən soyun, Qələndər-a-qələndər! Xəstəxana tapılmaz, Xəstəyə çarə olmaz. Naxoşların başına kül, Qış gəlmədən uzan öl. Həkimçin pul day yoxdur, Gəlməyə yol da yoxdur, Yaxşı olan çağı yox, Bağçası yox, bağı yox. Hey ara, axtar hanı Baksayuzun dükanı. Üst tərəfi zibillik, Qələndər-a-qələndər! Zibil beş-altıillik, Qələndər-a-qələndər! Hərdəm yada salınır, Vergi, naloq alınır. Hər ay başı dübbədüz On beş, otuz, əlli, yüz. Özgə zaman kim bilir, Ordakı var ya ölür. Keşik pulu verirsən, Qələndər-a-qələndər! Bir köpəkdir, bir də sən, Qələndər-a-qələndər! Günüz milis tapılmaz, Gecə keşikçi olmaz. Oğru çalır fışqırıq, Var hünərin bayıra çıx. Səslər gəlir biqərar, Qələndər-a-qələndər! Dad məni tutdular, Qələndər-a-qələndər! Əhali çox, yer geniş, Məsələ qaldır geniş, Dayoş “kommunxoz” (davay), Çək yuxarı tramvay. Düzəlsə bunlar əgər Rahat olar işçilər. Indilik olsun təki Bir döşəmə, bir səki. Bircə ayaq bassalar, Gəlib qulaq assalar, İşçilər eylər haray: Qələndər-a-qələndər! Quqquluqu mostavay, Qələndər-a-qələndər! Bir küçəm var buxartana, Qələndər-a-qələndər! Işçi yaşar buxartana, Qələndər-a-qələndər! Fayda görür buxartana Qələndər-a-qələndər! Üstü sənin, altı mənim, tap görək! – 4-cü Tazapir dalanı. – Yalan, yalan, yalan, yalan – O da belədir, yox ki, bunun yalanı. – Yalan, yalan, ver Tazapir dalanına. – Bu küçə Dağlı məhəlləsi. – Yalan, yalan, ver dediyin məhəlləyə. – O da belədir, yox ki, bunun yalanı. – Yalan, yalan, ver dediyin məhəlləyə. – Poçtovının kəlləsi. – Yalan, yalan, yalan, yalan. – O da belədir, yox ki, bunun yalanı – Vergilən Poçtovıya. – Böyük Salyan küçəsi. – Yalan, yalan, yalan yalan. Tapmışam. * * * Şahnamə və yaxud Qaracanamə Ərrəhman... əlləməl-Quran, Xələqəl-insan... əlləməhül-bəyan. Indi ki, böylə oldu, sən də dayan, Söyləyim mən də bir kiçik dastan, Bəlli olsun, sonunda yaxşı, yaman. Qatışıb çünki cin-vəl insan, Fəbiəyyi alayi rəbbiküma tükəzziban. Vardı məşriq zəmində bir Iran, Bir cədəlgah idi o xeyli zaman. Hər yerindən duran taxıb tacı, Keçirib kef içində bir dövran. Taxtına əyləşirdi peydərpey Hər səhər kim oyansa tez yuxudan. Bir zaman hökmranlıq etmişdir Əlli Sasaniyan, beş-altı kəyan. Sonra Əfşarilər, nələr, kimlər, Müxtəsər, dalbadal filan-filan, Fəbiəyyi alayi rübbiküma tükəzziban. Hərəsi xalqa bir qapaz salmış, Şillə, yumruq, ağac, təpik, şalman. Neyləsin binəva, bacardığı bu, Edər ancaq bacardığın bacaran. Çoxu insafən iş də görmüşdür, Axıdıb məmləkətdə bir çox qan. Eyləmiş keyfü-mayəşasi üçün Neçə min xalqı bir heçə qurban. Əmr edib sonra bir qotur molla Oxusun hamısına şərikli azan, Fəbiəyyi alayi rəbbiküma tükəzziban. İxtiraətə meyl edənlər var, Bu cəhətdən də boş deyil Iran. Hazırlatdırıb bir qədər lüleyin, Etdirib valideyninə ehsan. Hələ bundan da yaxşı şeylər var: Nargilə, hoqqa, cürbəcür qəlyan. Ən nəhayət də, son nəticə budur: Halqa bir yük və bir gözəl palan. Fəbiəyyi alayi rəbbiküma tükəzziban. Gəldi növbət, yetişdi Qacara, Dedilər hər nə varsa, yerdə qalan, Ölkəni sardı elməmaliklər, Dövlələr, bir yığın başında nişan. Hər ağacdan göyərdi yüz seyid, Hər kol altında əlli mərsiyəxan. Molladır hey çıxır deşiklərdən, Başlarında bütün qalaylı qazan. Hər çuxurda beş-altı şahzadə, Hər samanlıqda bir yığın yekə xan. Müxtəsər, ölkədə çəyirtkə kimi Hər addımda nişanlı bir xuliqan. Işi yoğunlaşdı, indi sən söylə: Nə çəkir rəncbər, yazıq dehqan? Hayana üz çevirsə, bir qamçı; Hayana üz çevirsə, ərrəhman. Fəbiəyyi alayi rəbbiküma tükəzziban. Məmləkət oldu bir hərəmxanə, Harda vardırsa bir məhi-taban, Seçdilər birbəbir noxudvari, Tənbəlitlər çatıldı sanki saman. Qız, gəlin, dul bu tənbəlitlərdə, Marşrut bəllidir: Saray – Tehran. Gecə-gündüz, günorta, şam, axşam Oynayır qız, gəlin, çalır balaban. Bir zaman şah bununla əyləndi, Sonra bir gün yazıldı bir fərman. Hər nə var topladı ağır, yüngül, Hər nə etmişdi xəlqdən talan, Doldurub hamısını cibişdanə, Istiqamət: Paris – Firəngistan. Cib nə cib, hər biri beş-on batman, Hər nə qalmışdı yerdə yaxşı, yaman Ləlü yaqut, ləlövü mərcan. Fəbiəyyi alayi rəbbiküma tükəzziban. Bunu kim bilməyir, Paris, nə Paris? Nə sayaq ölkədir Firəngistan? Açdı şah öz başın, soxuldu işə, Dalbadal oçertdə mamlı-matan. Gecə-gündüz canan çəkən, oxuyan, Qalmadı bir kababçı, bir şantan. Hansı rəqqasə bərk atır ayağın, Ona dərhal bir bu boyda nişan. Müxtəsər, hər yanında bir dilbər, Fil-behiştilə-hürü-vəlqilman, Fəbiəyyi alayi rəbbiküma tükəzziban. Bu sayaq ilə keçdi xeyli zaman, Eyşi-işrət Parisdə qurşaqdan. Tökülür pul, saman kimi yayılır, Buna beş, o birinə otuz, doxsan. Hansı cib tab edər bu verhaverə, Istər olsun dəniz və ya ümman? Bir də şah saldı öz əlin cibinə, Gördü bomboş, nə qaş, nə daş, nə filan, Nə əba var, nə don, qalıb üryan, Vur tut əynində bir yamaqlı tuman. Axtarıb tapdı bir ucuzca duxan, Vurdu bir rumka nisyə, çıxdı piyan. Gəldi, mənzildə tapdı bir qəlyan, Azacıq fikrə getdi, tapdı haman, Dedi: “Ey sərsəm, ölməmiş Iran, Uçdu hamam, yerindədir gülxan. Satıram hər nə var iş olsa yaman, Olmasın qoy Iranda bir Həmədan. Kəndlilər işləyir dalında palan”. Yazdı adres firəngcə doğru, yalan. Teleqram – Dan le-Pers, an Tehran; “Gəlirəm, ey əhaliyi-Iran! Gör qalıbsa iranlılarda tuman, Köhnə pəncək, cilitgədən-zaddan, Göndərin, çünki qalmışam üryan. Çıxa bilməm, tumançağam, qapıdan. Çünki vardır yanımda xeyli zənan. Hamı dilbər baxışlı mamlı-matan. Göndərin pəşivaza təxti-rəvan, Qarşı çıxsın böyük, kiçik əyan. Yoxsa Iranı eylərəm viran”. Hər görən söyləyir ki: Ey Iran, Fəbiəyyi alayi rəbbiküma tükəzziban. Bu xəbər çün yayıldı hər tərəfə, Işi öyrəndi rəncbər, dehqan. Dedilər: “Şaha verməyin zəhmət”. Qopdu hər yerdə bir böyük həyəcan. Ilk əvvəl saldı səs Azərbaycan. Millət aldı ələ qılınc, qalxan. Dedi: “Iranda qalmayıbdı tuman, Deyil Iran da gördüyün Iran. Yaxşısı, qal Parisdə, aç şantan. Bu da xanlar, bu da axund, molla, Hara istərsən al apar, tulla! Al bu şahzadə, bu hərəmxana, Bir də artıq qarışma Irana”. Gördü əhvalı bəzmi məbusan Nəsli qacarə yazdı bir fərman. Oxudu altı-yeddi cüz Quran, Bircə yasin, beş altı ərrəhman; Fəbiəyyi alayi rəbbiküma tükəzziban. Qurdu iranlılar böyük məclis, Verdilər şah üçün gözəl ehsan. Hər nə var künc-bucaqda şahzadə Yığdılar xeyli taxçadan-bacadan, Bəzisi tazə, bəzisi nimdaşt, Hər nə qacari varsa əldə olan. Dedilər: “Fatehə Məssələvat!.. Həm Iraqa, həmən çerez Həmədan, Fəbiəyyi alayi rəbbiküma tükəzziban. * * * Allahu-ələm Olmuşdur Iran, Qaynar bir qazan. Nədir qaynaşan? Allahu-ələm. Toplandı millət, Göstərdi qeyrət, Bir səslə yazdı: Qacara lənət! Çıxmışdır əlan Sırtıq bir oğlan. Adı Irza xan, Yaxşıdır, yaman? Allahu-ələm. Işə girişmiş, Görmüş bir iş-miş, Əlində var şiş, Qələmdir, qəmiş? Allahu-ələm. İmdi səhərlər, Verir şəhərlər Bəzi xəbərlər, Düzdür, ya böhtan, Doğrudur, yalan? Allahu-ələm. Eyləyir çəm-xəm, İşləri mübhəm Əlində var kəm, İçində bilməm Zəhərdir, məlhəm Allahu-ələm. Deyəndə şahsan, Batır sükuta. Deyəndə xansan, Bir özgə buta. Nədir bu insan? Vəzirdir, sultan? Kəndlidir, ya xan? Allahu-ələm. Keçmişi bəlli, Gözəl əməlli, Əsli nə cürdür?! Çətindir həlli. Son söz onundur, “Fel”i, ya “dil”i. Sabahçün əlan Bilməyir İran, Mirzə İrza xan Dostdur, ya düşman? Allahu-ələm. Bu bir oyundur, Iranda şahmat. Top hələ qalmış. Tünd yeriyir at. “Mat” olacaq “şah”? “Şah” olacaq “mat”? Xalqa bu pünhan Allahu-ələm. Yaxşı deyən var, Yaman deyən var, Başla deyən var, Dayan deyən var. O yanda bir tac, Bu yanda dehqan, Bundandır, ondan? Allahu-ələm. * * * Olacaq-olmayacaq İrza xan dün yenə vermişdi zakaz evdə qutab, Cecim üstündə noxud, lobla da bihəddü-hesab. “Şod no şod” baxdı fala, qurdalanıb açdı kitab, Düşünüb xeyli zaman, eylədi axırda xitab: Durma ey saqiyi-dilbər, mənə bir badə şərab! Bu nədir, ey dili-qafil! Yeyin, ol, eylə şitab, Nə yumubsan gözüvü fürsətə, ey xanəxərab! Bir də fürsət sənə Iranda nümayan olacaq?! Qəsəm Allaha, yəqin eyləmişəm, olmayacaq! Bu nədir, iş yetişib, sən itiribsən özünü, Deməyirsən bir açıq əyrini, yaxud düzünü, Çıx daha ortaya, at maskanı, göstər üzünü. Sənə tale ki, gülür, sən nə yumubsan gözünü? “Şod” de, qurtar işini, söyləginən sən sözünü. Yoxsa bir də bu cürə gərdişi-dövran olacaq?! Qəsəm Allaha, yəqin eyləmişəm, olmayacaq! Mənə şeytan deyir: İranda da hürriyyəti qur, Ən böyük rütbə nədir onda? Rəisi-cumhur. Iki ildən sonra da başladı millət: – Qur-qur. Başqasın seçdi, mənə söylədi: – Sən rahat otur. Onda bu xəlq mənə bəndeyi-fərman olacaq? Qəsəm Allaha, yəqin eyləmişəm, olmayacaq! Var ikən fürsət əlimdə, eləyim fövti-zəval, Çıxsın əldən bu ucuz tac, bu dövlət, bu cəlal? Bir vətəndaş mən olum, bir də vətəndaş hambal?! Fürsəti indi qaçırsam, eləsəm sonra xəyal. Bir də şah olmaq üçün iş belə asan olacaq?! Qəsəm Allaha, yəqin eyləmişəm, olmayacaq! Bu nədir başlamışam, “şod və nə şod” açmağa fal, Dönmərəm şəstinə, təbbal, tel ol, təblini çal! Elə əz, milləti yıx, təxtə otur həqqini al. Buraxım tacı, geyim başıma bir zorba motal. Olmasam şah, işim böylə firavan olacaq?! Qəsəm Allaha, yəqin eyləmişəm, olmayacaq! Alihəzrət ləqəbi çöhrəmə xəndan olacaq. O zaman Rey olacaq, ya Təbəristan olacaq. Rey cəhənnəm, hələ bir boş-quru Tehran olacaq. Qəsəm Allaha, yəqin eyləmişəm, olmayacaq! Elədim şah özümü, keçdi tutaq üç-dörd il. Məni xəl etməyə eldən yenə fərman olacaq?! Bəli, vallah olacaq! * * * Olacaq (Olacaq-olmayacağa cavab) Uyaraq molla, seyid məkrinə, sapsam yoldan, Ataraq xalqı, yapışsam belə möhkəm puldan, Soyulub xalq bütün çıxsa palandan, çuldan, Yenə də ölkədə bir şurişi-üsyan olacaq? Bəli, vallah olacaq! Indilik el mənə tapşırdı həyatın, əməlin, Tutalım mən də çıxartdım onun haqqından əlin, Müxtəsər böylə dağıtdım bu sədaqət təməlin, Saxladım bir neçə il ölkədə tacın əcəlin, Sonradan anlayacaqdır görəsən el əməlin, Məni şah etdiyinə sonda peşiman olacaq? Bəli, vallah olacaq! Nə deyir molla, seyid, bəy nə deyir, xan nə deyir? O tərəfdən görəsən kəndli nə, dehqan nə deyir? Görəsən şahlığıma büsbütün Iran nə deyir? Bunların hamsı keçib getsə də, vicdan nə deyir? Məni tarix söyəcək, məndə bu nöqsan olacaq? Bəli, vallah olacaq! Neçə ildən sonra millət ayılıb açdı gözün, Bildi öz xeyrü şərin, ya tanıyıb gördü özün, Onda ki, işlərin öyrəndi bütün əyri-düzün, Görəsən xainə bir ədlilə divan olacaq? Bəli, vallah olacaq! Olacaq-olmayacaq, mən nə bilim xanəxərab, Durma ey saqi, pədərsuxtə, bir badə şərab! “Şod” nə “şod” düşdü yenə ortalığa köhnə kitab, “Olacaq-olmayacaq” çox sürəməz məncə hesab, Verəcəkdir Rza xan kəndisi tarixə cavab. Olacaq-olmayacaq? * * * Məqsəd nədir İrzaxan, anlat, sükutundan nədir son məqsədin? Aç nəhayət kartını, göstər bizə “nəqş”in, “bəd”in. Dörd yanında söylə bir Iranda “ali həzrətin” “Xəlvəti min tor qurulmaqdan” görüm məqsəd nədir? Biz yorulduq söyləməkdən, sən “sükut”dan doymadın. “Saxladın quyruqda” “gön qaldı”, dayandın, “soymadın”. Gər özün “zahir” özünçün “şah” deyə ad qoymadın, Gizli bu “vişlər burulmaqdan” görüm məqsəd nədir? “Şah” deyə dünyalara car çəkdi “dostun” Avropa. Səs salıb Iranda da min mürtəce ağbaş supa. Sən əgər razı deyilsən “toy” ola, həşrin qopa, Bəs bu “dəf-dunbul” vurulmaqdan görüm məqsəd nədir? “Yaxşılıq” umduq, “yamanlıq” səndən etdik iddia, Fal dedin, açdıq, noxud saydıq, nə istərsən daha? Hər şeyin var bundamı hər işdə var bir intiha; Istəyirsən söyləyək “mocib sükutəş bər rza”, Yoxsa bu “dinməz” durulmaqdan görüm məqsəd nədir? Zurna var, dunbul desən var, yoxdur ancaq bir “dəm”in, Məqsədin şahlıqsa, qıncınma, nə lazım “çəm-xəm”in. Hər tərəfdə bir “açar” beynində bir çox “sərsəm”in Ğırmağunvari “qorulmaqdan” görüm məqsəd nədir? Millətə elani-hərb etməkmi fikrin ya deyil? Söylə! “Millət! Iş budur istərsən ağla ya da gül! Bir görək manqalda bir “şey” vardır; oddur, ya da kül, Gah kül olmaq, gah qor olmaqdan görüm məqsəd nədir? Yoxsa fikrindir götürmək “oğru Nadir”dən hesab? Gün keçib, dövran dəyişmiş, yaxşı bax, alicənab! Görməyirsən partlayır hər ölkədə bir inqilab? Ya həqiqətçin kor olmaqdan görüm məqsəd nədir? Nabələd zad da deyilsən, şükrilillah “ali”sən, Türkiyə, Çin, Şam, Mərakeş, hər xəbərdən halisən. Hər “nə” olsan ol, “minəmməzsən” daha hammalı sən, Boş çalışmaqdan, yorulmaqdan görüm məqsəd nədir? * * * Parisdən-Tehrana “Irzaxan”, sən məşədi, mən hacıyam, Sən elin qəmçisi, mən qırmacıyam. Sən bir az “çəp” yürüyən, Mən də bir az qıyqacıyam. Ikimiz bir ağacın meyvəsiyik, Nədəndir sən şirinsən, mən acıyam? Gəl bir az əyri otur, düz danışaq: Şah sən ol ya “mən” olum varmı maraq? Söz gedir təxt ilə tac üstə, qoçaq. Sən bu təxtin susuzu, mən acıyam. Ikimiz bir ağacın meyvəsiyik, Nədəndir sən şirinsən, mən acıyam? Millətin tovladı şeytan başını, Şahlığın atdı dibindən daşını; Sən qurursan yenidən bu “maşını”. Təxt üçün sən anasan, mən bacıyam, İkimiz bir ağacın meyvəsiyik, Nədəndir sən şirinsən, mən acıyam? Deməli, xalq əməyi getdi hədər; Yenə də köhnə “karet”, əski yəhər; Yenə də şəşəələr, dəbdəbələr. Şahlığın sən qazanı, mən sacıyam, Ikimiz bir ağacın meyvəsiyik, Nədəndir sən şirinsən, mən acıyam? Yenə də əski “saray” əskicə “dam”. Yenə bir şəxsə baxar məclisi-am. Yenə də əskicə tas, əski hamam. Yenə bəs mən “qalısan”, mən “qaçıyam”, Ikimiz bir ağacın meyvəsiyik, Nədəndir sən şirinsən, mən acıyam? Mən yenə getmiş idim eldən uzaqdı səbətim, El yenə dərdyarı görməzdi uzaqdan sifətim, Sən durubsan başıüstə göz “açammaz ki yetim”. Sən görüm yaxşı müsəlman tacı, mən Rum tacıyam; Ikimiz bir ağacın meyvəsiyik, Nədəndir sən şirinsən, mən acıyam? Burda var bir neçə sultan edəcək təbirim, Çox ucuz düşməyəcəkdir sənə bu təhqirim, Bu da işdir! “Sən açıl, mən vururam zəncirimi?” “Yaxşı”dır şahlıq əgər, bəs nə imiş təqsirim? Sən saray sahibi, mən bir quruşun möhtacıyam. Ikimiz bir ağacın meyvəsiyik, Nədəndir sən şirinsən, mən acıyam? Yığışıbdır buraya bir neçə nimdaşt sultan, Yox bu millətdə vəfa, sən də olarsan peşman. Mən “avansom” burada sazlamışam bir qəlyan, Gələcəksən bilirəm sən də bu dönməz yoldan. Para göndər, sənə də burda “bi dükkan açıyam”. Ikimiz bir ağacın meyvəsiyik, Nədəndir sən şirinsən, mən acıyam? * * * Tehrandan-Parisə Kaç yil oldu, mən sənin babində növbət bəklədim, Sən şərab içdin, a zalım, mənsə şərbət bəklədim. Xələti şahiyi izzü iftixarimlə geyib, Təxtini aldım əlindən şahi-Iranım deyib. Sanma zülm etdim sənə, mən tacini qəsb eyləyib Bunca bil səndən, a zalım, mən məhəbbət bəklədim, Sən inayət qılmadın, bihudə şərbət bəklədim. Heç maraq etmə, acıqlanma, bu dünyadır behi; Qalmaz əlbəttə mənə Tehran və Təbriz, Rəşt və Rey. Görmə çox başımda dursa zibü zinətlə bu şey. Mən sənin Irani-viranində türbət bəklədim, Sən şərab içdin, a zalım, mənsə şərbət bəklədim. Bir kəsə verməz aman, eyvah, bu çərxi-bivəfa, Hurilərlə sarmaşıb sən bəxtiyar ol daima. Mən də Iran içrə geysəm çoxmu bir süslü əba Çünki tacü təxt üçün çox oldu qürbət bəklədim, Sən şərab içdin, a zalım, mənsə şərbət bəklədim. * * * Gözün aydın “Mus-Mus!” deyə, axır Rza xan Mustafalaşdı, Gizlin bəzənib çıxdı üzə, maskasın açdı; “Hürriyyət”i-Iran deyərək, tacə yanaşdı, El: “şahlığı yıx”, – söylədi; amma ki, o çaşdı, Dırmaşdı sənin təxtinə, Iran, gözü aydın! Toplandı nümayəndələrin məclisi-amə, Sən başladığın işləri çatdırdı təmamə, Möhtacmış Iran on üçüncü bir imamə, Qoydu yenə də köhnə tası köhnə hamamə, Fırlandı yenə köhnə dəyirman, gözün aydın! Əvvəldə dedim mən sizə bunlar bir oyundur, Işlər düzəlib getdi, çal, iranlı, toyundur. Məclis dedi: el bir sürü sağmalca qoyundur, Qalmış, deyəsən, bir neçə şalvar, di soyundur. Lazım deyil iranlıya yorğan, gözün aydın! Ded-ded-de-demokrat de dedik, çıxdı şaşa şah, Əsrin dili gəlməz buna, yıxsın evin Allah! Əhsən Rza xan, “mersi” təşəkkür, bərəkallah! Dünya gülüyor sən də gül, iranlı, de hah-hah. Boş qalmadı axır qoca Tehran, gözün aydın! Keçmiş Rza “xan”, layla çal iranlıya, de “yat” Iranda demişdim sənə oynanmada şahmat; Var səndə piyadə düzülüb qarşıya top, at. Sən “şah” dedin Iranda, saqın söyləməsin “mat”, Olmazsan əgər sonda peşiman, gözün aydın! Hər il deyəsən Avropaya borcludur Iran, Bir köhnə Iran şahı və bir nargilə qəlyan. Borc verməyə tapdın, qoca Iran, yenə imkan. Bir xan yetişib dadə, yazıq, tutdu qolundan, Etdi sənə hər müşkülü asan, gözün aydın! Toplandı nümayəndələrin məclisə doldu, Tapdı sənə insafilə dərman, gözün aydın! Boş qalmadı təxtin bir igid çıxdı bu yandan, Dırmaşdı sənin təxtinə Iran, gözün aydın! * * * O nədir Səndən xəbər alım haq bilən aşiq, O nədir ki, sözü vardır, özü yox? Cavab qaytar istəyinə müvafiq, O nədir ki, özü vardır, sözü yox? O nədir ki, bizləməsən, çalışmaz? O nədir ki, dindirsən də danışmaz? O nədir ki, xeyrə-şərə qarışmaz? O nədir ki, haqq görməyə gözü yox? O nədir ki, vaxtı keçmiş ölməyir? O nədir ki, çox ağlayır gülməyir? O nədir ki, yaxşı-yaman bilməyir? O nədir ki, özün görər, bizi yox? O nədir ki, Allahına pul deyir? O nədir ki, ağasına qul deyir? O nədir ki, olmaz şeyə ol deyir? O nədir ki, əyrisi var, düzü yox? O nədir ki, mümkün ikən tapılmaz? O nədir ki, iynə satar, sap olmaz? O nədir ki, istədiyin tapılmaz? O nədir ki, arşını var, bezi yox! O nədir ki, ayda qırx gün bağlanır O nədir ki, bir həftədə bağlanır? O nədir ki, qapısında ağlanır? O nədir ki, “yox”dan başqa sözü yox? O nədir ki, gün uzunu işləyir? O nədir ki, işləmədən dişləyir? O nədir ki, gündə birin boşlayır? O nədir ki, oğlan sevər, qızı yox? O nədir ki, bir həsirdir, dörd divar? O nədir ki, bir qapıdır, bir açar? O nədir ki, gördüyünə göz yumar? O nədir ki, içində bir mizi yox? O nədir ki, dəftəri çox, işi az? O nədir ki, “sabah gəl”i qurtarmaz? O nədir ki, qulaq verməz yüz min yaz? O nədir ki, qışda getsən buzu yox? * * * Truppa deyir Qoy törənsin min cürə yersiz rəzalət səhnədə, Eylərik zira bununla biz ticarət səhnədə. Istirahət sevmərik, meyl etmərik camə, meyə, Canfədayıq hər zamanda incə sənətlər deyə. Səhnə gər bazara dönsə, həm pyes həlmaşiyə Qəm deyil, artar yenə elmi-məharət səhnədə. Eylərik zira bununla biz ticarət səhnədə. Vermişik xalturaya dil aşiqi-şeyda kibi, Olmasa xaltura gər bir kimsənin dolmaz cibi. Şükr kim, hər kəs bilir, xalturanın yoxdur dibi. Bir bizə məxsusdur böylə məharət səhnədə, Eylərik zira bununla biz ticarət səhnədə. Incəsənət yurdunun hər yerdə ağsaqqalıyıq, Hər bir işdə qadirik, biz səhnənin baqqalıyıq, Hər cürə təğyir və təbdil eylərik, əl malıyıq. Hazırıq göstərməyə bir yox şücaət səhnədə, Eylərik zira bununla biz ticarət səhnədə. * * * Kitabxana.az · https://kitabxana.az/collections/cabbarli-satirik-seirler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1934). Public domain (author died 1934). Original text only.