Cabbarlı – Şeirlər Cəfər Cabbarlı (1899–1934) Ana Əgər bütün bəşəriyyət ədüvvi-canım ola, Ürək süqut eləməz aldığı mətanətdən. Ricavü xəvfə məkan vermərəm gər alimlər, Min il vəz edələr dəhşəti-qiyamətdən. Pələnglər tuta dövrüm, çəkinmərəm haşa, Və ya ki, vəd edələr dövləti-cahanı mənə Ki, bir kəsə baş əyib əczimi bəyan eləyim, Əyilmərəm nə ki, yer, versələr səmanı genə. Yanımda gər dura cəllad əlində şəmşiri, Ölüm gücilə mənə hökm edə olum təslim, Əyilmərəm yenə haşa! Ölüm nədir ki, onun Cücilə xalqa həqiranə eyləyim təzim? Cahanda yox elə bir qüvvə baş əyim ona mən, Fəqət nə güclü, zəif bir vücud var, yahu, Ki, hazıram yıxılım xaki-payinə hər gün, Öpüm ayağını əcz ilə. Kimdir o? Nədir o? Ana! Ana!.. O adın qarşısında bir qultək Həmişə səcdədə olmaq mənə fəxarətdir; Onun əliylə bəla bəhrinə yuvarlansam, Genə xəyal edərəm bəzmi-istirahətdir. Əs, ey külək, bağır, ey bəhri-biaman, ləpələn! Atıl cahana sən, ey ildırım, alış, parla! Dayanma, taqi-səmavi gurulda, çatla, dağıl! Sən, ey günəş, yağışın yağdır ey bulud, ağla! Mənə əsər eylərmi bu? Mütləqa yox! Yox! – Yox!!! Fəqət Ana! O müqəddəs adın qabağında, O pak bağrına bassın məni, desin layla, Təbəssüm oynadaraq titrəyən dodağında. Bütün vücudum əsər, ruhum eyləyər pərvaz, Uçar səmalara hər aləmi-xəyalətdə. Yatar, ölər bədənim, nitqdən düşər bir söz: – Ana... Ana... Sənə mən rahibəm itaətdə!.. Aman... Aman!.. Bu müqəddəs vücudu mümkünmü, Ki, bir taqım canavar zülmnən şikar eləsin?! Yıxıb da xaki-rəzalətdə, tapdayıb əzərək, Ayaqlar altına topraq kibi nisar eləsin?! Zəlilü-xar edərək məhbəsi-əsarətdə, O şanlı qollarına zülminən vurar zəncir. Niyə? Neçin? Hanı vicdan? Hanı ədalət bəs? Neçin də parlayıb etməz cahanı bir tənvir? Aləmi, ədl-ədalət üzüldü dünyadən, Neçin nəsibim edibsən bu zülm-dövranı. Ey asiman dağıl, ey zöhrələr axın, tökülün, Ki, aləmi-bəşəriyyət unutdu vicdanı. * * * Eşidənlərə Sevgilim əhbabi məndən qət ediblər ülfəti, Həp cüyüşi-cəhli-təsxir eləmiş həqiqəti!.. Ittihadi-mənəvi məhv oldu lövhi-əsrdən, Eyləmiş cəsusi-qəflət dərmiyan ziddiyyəti! Əşki-çeşmimdir buludlardan yağan əmtarlər, Dudi-ahımdan dürər şəmsin şüai hiddəti!.. Ümmət dad etdikcə istiğnayi ərbab qana, Əqrablıq puç olub məhv eyləyir qövmiyyəti!. Vasif!.. Məqtudur həbl ələmiyyətən ittifaq, Iştə məfrud ittifaqın parlayan ülviyyəti! İftixar əhli-aləm elmədir! Biz çox əcəb, Cəhlə qarşu tutmuşuq min şövq ilə ünsiyyəti Elmdir bağımızın hasili hüriyi-cənan, Cəhldir teyyi-cəhənnəm nardən üzviyyəti! Ah! Ey əğrazi şəxsiyyət sevənlər şərm edin, Müzməhill etdi şu əğərr əziyyətlər milliyyəti! Qaldılar bitərbiyət ətfali-məsumi-vətən! Gülüstani-millətin bunlar deyilmi zinyəti! Cəm olub qət eylədin əşcari-nəhsi-nəxvəti! Bər behişti asa qılın siz elmi-mədəniyyəti!!! * * * Bahar Novbahar oldu, günəş şölələnib nur saçır, Qar ərir sellər axır, ot göyərir səhradə. Yeni çıxmış gülə baxdıqca da bülbül dil açır, Gül budağına qonub nəğmə oxur azadə. Dərələr, dağlar, ağaclar yaşıl, əlvan hər yan, Sərbəsər xələti-ətləslə bəzənmiş gülşən, Bu nə qüdrət ki, ona olmamaq olmaz heyran! Xaliqin qüdrəti-bihəddinə əhsən, əhsən! Ah, yellər nə həzin, fikr elə, san ney çalınır, Hanı bəs qışdakı evlər uçuran qüdrətiniz? Indi gör əsməyinizdən nə gözəl zövq alınır! Unudulmuş o sudan qar yaradan hiddətiniz. Bağa bax, bostana bax, bağçaya bax, gülləri gör, Gülü gör, bülbülü gör, zövq apar dünyadən. Xaliqin qüdrətini bil, bu yaranmışları gör, Yatma, dur bax, götür əl qəfləti-bipərvadən! * * * Sən də bir Ağlağan, ey qəmli könlüm, pürğübar ol, sən də bir, Zövqü ləzzət, eyşi-işrətdən kənar ol, sən də bir. Zaği tək daim siyahpuş olma bifikri-xiyal, Şaxeye baği vətəndə gül, həzar ol, sən də bir. Cəh-cəhi hüzn avər ilə söylə halın millətin, Ahü vayla millətə ahəngüdar ol, sən də bir. Ruzügarın pənceyi qəhrində solmuş gülləri, Görgilən ey qəlbü zarım, dağüdar ol sən də bir Sərsəri badü xəzan soldurudu baği-ğeyrəti, Ibrət eylə ey könül, rəncuri ar ol sən də bir. Afitabi bəxtü millət pərdeyi-zülmətdədir. Hardasan ey nuri-həqq, pərtov nisar ol sən də bir. Şeri paki ələman hədyan ilə doldurdular, Bunlarə tiğe-zəbanəm, zülfiqar ol sən də bir. Şaeran zülfi-nigari tel bə tel fırlandılar, Fırlan ey mu, bunları çal, şahimar ol sən də bir. Guşeyi zillətdə millət dad edir, imdadı yox, Ey olan məste-səadət, şahsuvar ol sən də bir. Ey olan məste-səadət, şahsuvar ol sən də bir. Naləvü fəryad, vaveyla ucaldıldı göglərə, Çatla ey tağü səmavi, tarümar ol sən də bir. Yoldan azdı, düşdü girdabi-bəlayə ümmətin, Qəbirdən dur, ya Məhəmməd, ya şümar ol sən də bir. Zülmü bipayan zalımlardan əzildi millətim, Harda qaldın ey ədalət, aşikar ol sən də bir. Gəlişin millətdə bəsdir, əsdi bu badi-xəzan, Fırlan ey dövranü aləm, növbəhar ol sən də bir. * * * Qürub çağı bir yetim Gün qürub etməyə edirdi şitab Kainata enirdi bir zülmət. Sanki göydən yağırdı hüznü zəlam, Çulğayırdı cahan üzün nəkbət. Zülmətin yer üzünü qaplaması Qəlblərdə oyandırırdı qubar. Sümtə aləm olurdu müstəğrəq, Pərdeyi-qər olurdu sayənisar, Hər tərəf bir sükut idi cari, Sanki huşa gedib bütün aləm. Qara, indi, geyər cahan necə ki, Geyinib bir ana, tutur matəm. Bu sükut içrə bir zavallı yetim Matü məbhut edir səmayə nəzər; Gah, o solğun çiçək, çəkir bir ah, Od salır ruzgarə sərtasər. Ah! O bikəs qüruba baxdıqca, Kəndi halın yürəkdə fırladıyor. O sarıntor çocuq yanaqlarını, Gözlərindən axan yaş isladıyor. Ana yox, əqrəbası yox, ata yox Bir kömək görməyir, baxır hər yan. Bir nəfər yox ki, sorsun əhvalın, Bir nəfər yox onu bilə insan. Hər tərəf üz tutub təlatimi-ğəm, Nəzərində cahan olub zindan. Boynu çiynində, qoltuğunda əli, Zarü məhzun, məlulü sərgərdan. Günəşin axırıncı zərrələri Üfüqün arxasında oldu nihan. Çənəsində əli, çocuq oturub, Baxaraq ağlayır, fəqət pünhan. Səs-sədasız çocuq edir nalə, Kiçik əndamını ələm bürümüş, Ağlayır, çıxmayır sədası fəqət, Çünki qəmdən zəbani həp qurumuş. Huşə getmiş çocuq xəyal içrə, Kəsrəti-qüssədən olub bihuş. Yenə hər yer sükuta müstəğrəq, Yenə hər yer zülam içində xamuş. Yenə hər yanda yox ziyadən əsər, Yenə hər yer məzar tək qəmgin. Leyk zülmat indi örtübdür O səfilin sarımtıraq rəngin. * * * Bilənlərə Ey dil, baxırmısan gölü dərya bilənlərə, Zaği-siyahı bülbüli-şeyda bilənlərə. Bir aşiqi-həqiqi demək heç rəvamıdır Daim məkani-aşiqi səhra bilənlərə? Səhrayə düşsə də yenə Məcnunmu söylənir Hər bir səfilə düxtəri Leyla bilənlərə? Olsun həram nuri-bəsər, əsri zövqdə Şəmi-zəifi bir yədi-beyza bilənlərə. Olmaz nəsib şagüli-qönçeyi-həyat Hər bir təbibi həzrəti Isa bilənlərə. Varkən həyatı guşeyi-zindan məkan olur Hər zövceyi-əzizi Züleyxa bilənlərə. Həsrətkeşi-təkəllüm olur, daima nəsib Sina misalı hər dağı guya bilənlərə. Zövqi-həyatı anlamayıbdır demək gərək Qəsdi-həyatı cifeyi-dünya bilənlərə. Cəfər, həmişə hikməti-xilqət nihan olur Zatın zəkavü əqlə mübərra bilənlərə. * * * Ədibi-möhtərəm Haşım bəy Vəzirovun rəsminə Qəlbim yanır baxınca bu çərxin mədarına, Baxdıqca zülmünə, sitəmi-aşikarına. Bir nakəs ki ölməyə layiqi-şərirdir, Yüksəldərək, səbəb olur da iftixarına. Bərəks, bir vücud ki, millət ziyasıdır, Erkən kəfən biçib, qapayır öz məzarına. Iştə, baxın, bu rəsmdə bir zati-əzəmin Simayi-hüznbarına, qəmgin üzarına. Kimdir? Tanırmısınız bu vücudi-müqəddəsi! Bir zatdır ki, cəhli pərişan edib gedib; Bir nurdur ki, aləmi rəxşan edib gedib. Qəmnak gözlərində görün bir zəkavətin, Məhzun çöhrəsində görün qəm əlamətin. Əxvan millətə baxaraq, sanki ağlayır, Ibraz edir cəhalətə qarşı şikayətin. Təxmin olurmu ömrdə çəkdikləri cəfa? Millət özü nə qədər çoxaldıb zəlalətin. Hər bir cəfayə leyk qılıb sinəsin süpər, Sakit ürəklə qarşılayıb xalq həqarətin. Axırda kəndini yetirib bir məqamə kim Mövtilə qəlbi-milləti suzan edib gedib, Çox dərdüməndlərə dərman edib gedib. Abadlıq yaratmaq üçün bir xərabədən Cəhd eləyib çəkinməyərək min əzabdən, Cansız vücuda can yetiribdir həmiyyəti, Insan vücudu xəlq eləyibdir türabdən. Zillət çəkib, əzabü-əziyyət, cəfa çəkib, Axır salıb vücudunu qəm, qüssə tabdən. Şükran yerinə milləti nifrin edib ona, Xəffaş çünki nifrət edir aftabdən. Amma bu cövrü zillət və təhqirə baxmayıb, Kəndin həyati-millətə qurban edib gedib; Çox əhli-cəhli sahibi-irfan edib gedib. Ey hər “Səda”sı tar həqiqət təranəsi! Ey hər “Keyfim gələndə”si aclar zəbanəsi! Gülzari-ömrünə fələk əsdirdi bir xəzan, Taki, boşaldı mürği-ədəb aşiyanəsi. Susdunmu? Yox! Səsin yetişir səmaləmə! Söndünmü? Yox! Sönərmi günəş nurxanəsi? Soldunmu? Yox! Solurmu həqiqət çiçəkləri? Haşa! Oluyormu paslana yaqut danəsi? Gözdən düşüyormu sən kimi şəmsi-şərəfnisar? Rahi nicatı xalqa nümayan edib gedib; Həp öz vücudun ol yola taban edib gedib. Ey xadimi-ədəb! Uyu rahət məzaridə, Itməz adın bəqa var ikən ruzigaridə. Səpdikləri o toxmi-ədəb verdi hasilin, Güllər verib, çiçəklər açıb nobaharidə. Xəndan qılmağa ləbi-iqbali milləti Sürdün bütün həyatını sən ahu zaridə. Etdin bəşər vəzifəsi fövqündə ciddü, cəhd. Rəhbərlik eylədin bizə hər rəhgüzaridə. Nadir bulur zəmanə sənintək vücudu kim Bir xarizarı ta ki, gülüstan edib gedib; Kəndin mücahid isminə şayan edib gedib. * * * Dilənçi Qışın boranlı, məşəqqətli bir soyuq gecəsi, Cahanə lərzə salır yellərin cəfalı səsi, Əsir külək, savurır qar, bayırda bir tufan, Həvadə qar burulub çırpılır çüqatili-can, Yatıb bütün qapılarda ovunti ağ təpələr. Vuyuldayub yer ilən yellər əsib qarı səpələr Qaranlıq içrə buruq – qar sütun kimi ağarır, Guruldayır bacalar, yel dəmirlərin qoparır. Həman xiyal eliyorsan məqami-zillətdir, Baxanda dəhşətə, san bu gecə qiyamətdir. Uzaqda qarlar, arabir xərabəlik görünür, Uçuq divarları zülmati aləmə bürünür. Baxınca, tələbi qəsavət basub könül bulanır, Bütün xərabəliği qar təvaf edib dolanır. Xərabə içrə qaranlıqda sənki var bir kəs, Inildəyor, yayılır, titrəyor çəkincə nəfəs. Bu bir zəif çocuqdur ki, xəstə, bidərman, Soyuq xərabədə yatmış, inildəyor hər an. Tikib gözün qapuya intizar ilən baxıyor, Baxınca göz yazı əbri-bahar tək axiyor. Bu öz qoca atasın gözlüyor bu halətilən, Çörək dilənməgə getmiş bu cür qiyamətilən. Bu xəstə beş gün olar dəyməyib çörək dilinə, Qoca ata bu savuqda nə cür gedib dilənə, Nəhayət, oğlunu görcək ölüm yatağında, Gedib, yox isə də taqət zəif ayağında. Gedib çörək dilənə, ta verə bu tiflə nicat, Uşaq baxır qapıya gözlüyor çörək, heyhat. Baxır o xəstə çocuğa qərq olub zülmətdə. Budur, görür atasın olduğu qiyafətdə. Əlin açıb uzadır, madərinə ol nalan, Ana! Ana, hara çoxdandu olmusan pünhan. Həmişə sən məni saxlardın öz qucağında, Nə vəqtlərdi sənin ağlaram fərağında. Acam! Acam, ana, varmı bir az çörək barı Ana! Ana, mənə bir az çörək, sən Tarı. Xiyal edir... Genə də yel əsüb salur dəhşət, Dəxi çocuq üzülüb, yox acından heç taqət. Əlin salur yanına, son həyatıdur düşünür. Budur, qoca atası iztirabilən görünür. Girür xüramlığa ixtiyarsız bir pir, Qəmgin, xiyali pərişan, çöhrəsi dilgir. Beli bükük, yükü məhzun gəlir-gəlir dayanır. Çörək gətürməyib, əmma o tifildən utanır. Gözünə yaş dolaraq oldu tiflə toğru rəvan, Uşaq görüb atasın həm sevindi, açdı zəban. Dilənçilik qocalıqda kəsib amanın, ata. Bir az, bir az çörəgə varmı heç gümanın, ata. Ata! Acam, ölürəm məndə qalmayub taqət, Aman Ilahi, nə qəmgin, nə odlu bir halət, Ata öz oğlunu, öz yaş qucağına yıxdı, Soyuq yüzin uşağın öz dodağına sıxdı. Oğul! Oğul, nə deyim qəmli ruzigarımdan, Qocalmışam, çıxıb həm qüvvət ixtiyarımdan. Bəşərlər içrə, oğul, rəhm yox, mürvət yox, Bəşərlər içrə, oğul, ədl yox, ədalət yox, Oğul bəşərlər hamu bir-birinə bir cəllad Dilənçiyə tapınan varmı eyləsin imdad. Bu qarda hər qapını dögdüm, eylədim ehzar, Çağırdım, ağladım, əmma ki, olmadı asar, Qapı-qapı gəzinib görmədim də bir insan, Ki, rəhm edib mənə ta bir çörək edə ehsan. Uyu! Sabah oyanar xəlq xabi rahətdən, Gedib kömək dilərəm sahibi-səxavətdən. Çuxur gözü qocanın islanır, dolur da müdam! Bahar şəbnəmi təki yaş axır bilaaram. Görün nə cür dolanır iştə bu zəmani-dun, Yüzi bütün dəgişib xəstənin olur məhzun. Ümidi qət olur, tab-taqəti üzülür. Zəif cismi axır, yaşlı gözləri süzülür. Ölür-ölür, açıb axır nəfəsdə gözlərin, Əziz atasına ahəstə səslə sözlərin. Deyir – Ata, ölürəm! Ac, sovuq otağunda, Götür məni! Ata, qoy can verim qucağında. Cəhani vəlvələ dutmuş, külək edir şiddət, Nədir, nədir bu qədər ruzigaridə hiddət. Təbiətin bəşəriyyətlə var ədavətimi? Və ya Xuda qoparıb vəd edən qiyamətimi?! Nədir o kölgə ki, oldu xərabəyə daxil, Nə qorxulu, nə müdhiş bu iştə Əzrail. Qara qanatlarını iftixar ilən çırpir, Ayağına üzini tez niar edir ol pir. Aman! Aparma bu ac nuri-digəmi barı, Tərəhhüm et mənə, rəhm etgilən sən Tarı. Bu bir uşaq, qocalıqda mənim pənahımdır, Aman, aparma ki, bir tək ümüdgahımdır. Aparma, yox-yox, onu vermərəm sənə haşa, Yürəkdə mərhəmətin yox, bəşərmisən aya? Vurub qara qanatın üç kərə, olur pünhan, Qoca soyuq bədəni sinəyə basıb ələman. Oğul! Oğul! Çağırır, yoxdur heç nəfəs, heyhat, Ölüb! Ölüb! Soyuyub, cism edib vidai-həyat. Qoca özün itirib qəmlər izdiyadından, Təbiət həp genə əl çəkmir iştidadından. Yürəkdə eylədi nəşət sönük xiyalətlər, Səmayə yüz çevirib başladı şikayətlər. Ilahi! Pir olanı xar edib əzərlərmi? Ilahi! Pir olanın taqətin kəsərlərmi? Nə yummuşsan gözünü, dur ümidgahım oğul! Cahandəsə olacaqdın mənim pənahım oğul. Bu gün bütün bəşəriyyət yeganə bir cəllad, Həlak olanlara bir kimsə etməyor imdad. Cəhandə yoxdur əsər rəhmdən, hidayətdən, Zavalı huşa gedib kəsrəti xiyalətdən. Nədir bu vəlvəleyi-dövrü ruzigarə səbəb?! ................................ Nədir? Nədir? Bu qədər inqilabi aləmgir?! Nədir zavallı bəşərlər həlakinə tədbir. Nədir bəşər bu cahan içrə seyddir azad, Nədir cahan? Özü bir qan içən böyük səyyad. Degilmi daim fəlakət təşərlərə bu həyat, Fəqət, bunı bəşəriyyət düşünmüyor, heyhat!!! * * * Boranlı qış gecəsi Boranlı qış gecəsi, şaxta şiddətilə kəsir Külək vıyıldayaraq səs salır biyabanə; Cahan zülami-kədər pərdəsilə puşidə, Qaranlıq iştə çöküb məclisi-şəbistanə. Uzaqda, kənd kənarında bir uçuq evcik. Əvət, dağılmış, uçulmuş xərabə bir məqbər. Zülami-nikbət içindən gəlir inilti səsi, Baxanda xəstə uşaq, bir də xəstə bir madər. Qaranlıq evdə uzanmış da bir cavan arvad, Vərəmli çöhrəsi solğun, zülamə müstəğrəq; Ağır nəfəslər alır, biməcəl olub bayılır, O bir cənazə və ev bir məzardır mütləq; Batıb zərif, sarımtıl yanaqları çuxura. Nədir bu mənzərə, ya rəb? Nə qəmli simadır! Üzündə sayeyi-möhnət, baxınca zənn olunur: Deyil bu canlı bəşər, bəlkə bir müqəvvadır; Ölür, ölür də, fəqət müntəzir səbisindən Ki, yox cahanda onun bir ənisi-qəmxarı. Baxır nigahi-təhəssürlə nuri-didəsinə, Xəyal edir ki, onun kim olar pərəstarı Çocuq fəğan ilə qucmuş zavallı anasını, – Ana! Acam! – deyə ağlar, qadın baxır mədhuş. Nə var dolanmağa taqət, nə var danışmağa dil, Həzin nəzərlə baxır, ağlayır, olur bihuş. Əsir külək yenə vəhşi kimi guruldayaraq, Vıyıldayır, bağırır, artırır da dəhşətini; Vurur, yıxır, dağıdır, sındırır, ucaldır səs, Bəşər vücuduna san göstərir ədavətini. Baxır ana çocuğa bir nigahi-həsrətlə, Inildəyir də onun hüzni-infialında. Ona baxıb düşünür, ondan ötrü çırpınıyor Onun xəyalı gəzir həp sönük xəyalında. Əvət, onu düşünür bu xərabədə anasız, – Çörək! Çörək! – deyərək eyləyir vidani-həyat. Kömək dilər kimi, ətrafını süzər sakit; Baxır, baxır da, fəqət kimsə görməyir, heyhat! Nə qəmli mənzərədir, son nəfəsdə bir madər Bir iztirab ilə etmiş səbisini bərduş. Bir intizari-təhəssürlə gözləri süzülür, Ölür, ölür, şaşırıb həp çocuq baxır xamuş. O dəm işıqlanıb ev nagəhan iki ərlə, Döşü nişanlı gözəl bir qadın olub daxil; Qadın qaçıb çocuğu qapdı, basdı sinəsinə Öpürdü, sanki öz övladına olub vasil. Görüncə sineyi-şəfqətdə kəndi yavrusunu, Gülümsünüb, hər iki əllərin zəlilanə Uzatdı ol qadına, san: “Apar, bacım, saxla!” – Deyirdi, həp süzülən gözləri səmimanə. Qadın yenə uyudu... ah, şimdi pək rahət, Birər təbəssümi-şəfqət öpür dodaqlarını; Iztirabı onun, şimdi oxşayır ancaq Birər piri-təsəlli soluq yanaqlarını. * * * Novruz bayramına hazırlaşan müsəlmanlara töhfə Pər vur, ey mürği-dili-zarim, bu möhnətxanədən, Uçgilən balalərə, seyr et mədari-aləmi! Aləmi-islamə bax! Bir yanda işrət bərqərar, Bir tərəf fəryadə guş et, gör qurulmuş matəmi. Bax, könül, baladən ol buz bağlayan səhralara, Bax o çılpaq, ac yetimin naləvü fəryadinə. Gör acından rəngi solmuş qızları xarü zəlil. Varmı gör bir kimsə yetsin onların imdadinə? Bir tərəf millət zəvalə üz tutub biixtiyar, Bir tərəfdə xanimanlar tar-mar olmaqdadır. Bir tərəfdə əğniyamız eyd üçün hazırlanır, Musiqi avazəsindən nəşədar olmaqdadır. Ey içən bəxti-səadət şərbəti, sirab olan, Qarlar içrə ac qalıb can tərk edir ixvanınız! Ey vuran fəryad içində tarə mizrabi-səfa! Matəm içrə eyş olur?.. Yoxdurmu heç vicdanınız?! Hər tərəf mövci-həlakət üz tutub ixvaninə, Bunların halından, aya, kim xəbərdar olmalı? Ingilislərmi, firənglərmi və ya islamilər? Kim yanıb qardaş qəmində çox dilazan olmalı? Xaneyi-millət xərab olmaqda, imdad istəyir. Ey ucaldan təqi-ərşə fəxr ilə kaşanələr! Nerdədir “əl mömininə ixvətin” ayatı bəs? Ey özün islamə daxil eyləyən biganələr! Ey özün mömin bilənlər, imtəhan meydanıdır, Qəlbiniz amalını etsin sübut amalınız. Leyk, millət, can verir, siz eyşü nuş aludəsi, Şər qanuninə mütləq ziddir əfalınız, Bu zəlalət ərsəsində cismi-millət bisipər, Tiqi-cəlladi-əcəl rədi-səma tək rəşədar. Zülm ilə pamal olur millət, siz eyd etməkdəsiz. Hökmi-Quran böylədirmi, söylə, ey biəğniya? Ax, bu səslər kimləri imdadə səslər müttəsil? Ax, bu əllər hansı bir qövmin dilər ehsanini?! Kimlərə bu yaşla dolmuş gözlər olmuş intizar? Ax, bu solğun xəstə kimdən gözləyir dərmanini?! Bax, bu yanda gör tərənnümsüz olur sazəndələr, Ax, nə xoş rəqs eyləyib əl oynadır rəqqasələr! Gör nə zəninlə tamaşa eyləyir bu çeşmlər, Ax, nə xoş kəskin şəfəq saçmaqdadır əlmasələr! Ac yetimlər naləsi əflakə əksəndaz olur; Əğniyalər süfrə qurmuş, eyd edir püriftixar. Böylə bir millət yaşarmı? Bu nə cür bir sirdir? Bəzi işrət, bəzisi ac, giryələr eylər nisar. Ağla, ağla, ey yetim, imdadə səslə milləti! Çal, çal, ey sazəndə, tarın başqa bir xülyası var! Ax, ax, ey göz yaşları, səpil bəla tək mövcə gəl! Tök, tök, ey saqi, şərabın dadlı bir sevdası var! Lal ola, ya rəb, o dil imdadə gəldim söyləməz, Kar ola ol naləyə guş etməyən cəlladlər! Kor ola, ol kor olan gözlər ki, görməz zilləti, Məhv ola ixvaninə rəhm etməyən şəddadələr! Ar ola ol şəxsə kim, fəryad eşitməz, inləməz! Ar ola ol şəxs əsla rəhmi yox, ehsanı yox! Ar ola ol millətə kim, matəm içrə eyş edər! Ar ola ol millət əfradinə kim, vicdanı yox! * * * Bayram saxlayanlara Yenə əhatə edib zehnimi xəyalətlər, Gözüm önündə gəzir başqa dürlü halətlər. Təcəssüm etmədə qarşımda qəmli bir aləm, Nə aləm, ah! Qülubə alov saçan matəm. Yaxında bir ada, yox, bir məkani-qəm varmış; Baxın, baxın, onu hiddətli dalğalar bürümüş! Baxın bəsirət ilə ol məqami-hüznə tərəf, Nə qədər bikəs olub orda min əzabə hədəf. Hürr anın dəmi... həp yaralı zəlil kəslər, Əman kömək, ölürəm, əlan-deyor səslər. Bədən zəif, yemək yox, qərib vilayətdə Kimin yanında bular olmalı şikayətdə? Ufaq çocuqlara nəm torpaq iştə bəstərdir, Olardır, ac, parasız, üç əsiri-madərdir, Vücudu sarsıtıyor bu yetimlər dadi, Ürəkləri dəliyor, ah, millət əfradi! Gözəl, sevimli çocuqlar cəzirələrdə zəlil Deyil bu, millətimiz qeydsizliyinə dəlil? Ey ifixar ilə mömin deyən özünə müdam, Səvabə doğru qoşun, iştə yaxşı bir əyyam! Verək, verək nə qədər varsa bu fəqirlərə, Şəriət əmr eləyib daima əsirlərə Kömək verək ki, olar sədqəyə səzadırlar, Kömək verək ki, qərib, həm də binəvadırlar! O şəxslər ki, gəzir cənnəti iştiyağında, Acarları niyə bəs görməyir qabağında?! Gedin, görün o zaman yandırar sizi atəş: Nə qədər olsa hərarət, nə qədər yaxsa günəş, Bir istəkan suya bir kəs kifayət etməlidir, Bir az quru çörəyə həm qənaət etməlidir, Bular deyilmi bəşər, ya deyilmi bir islam?! Ürəyimiz, ah, nasıl parçalanmayır da tamam? O vəhşi dalğaların ortasında dindaşımız, Zəlalət içrə ölür ac, zəlil qardaşımız!... Biz isə eyd eyləyib, işrətə qiyam edərik, Bütün-bütün gecəni eyşlə tamam edərik. Göz aç, sən ey özünə söyləyən müsəlmanəm! Göz aç, sən ey bağıran mən də əhli-Quranəm! Göz aç, sən ey danışan həşrdən-qiyamətdən! Göz aç, sən ey əbədi dəm vuran səxavətdən! Çıxıb da sahilə, bir ol məqami-zillətə bax! Behişti, duzəxi gör, həşrə bax, qiyamətə bax! Gör orda ac-yalavac can verən zəlilanı, Gör orda içməyə su tapmayan yetimanı! Yəqin bil: alışar, od tutar, yanar canın, O dəm kömək yetirərsən var isə vicdanın. * * * Bu həqiqətdir ki Bu həqiqətdir ki, bir səslə edib aləm qəbul: Sarsıdar əflaki birlik, ittifaqın qüvvəti. Ittihad ərbabinə aləm müti olmuş müdam, Müttəhim bir millətin daim ucalmış şöhrəti. Partlasın toplar, şrapnellər, tüfənglər, bombalar, Ittihadın qüvveyi-əzmi hər asan eyləməz. Partlasın odlar, alovlar, ildırımlar, şölələr, Ittihadın odu qəlbi zərrə suzan eyləməz. Qələlər, bürclər, dəmirlər və möhkəm istehkamlar, Puç olar gər Ittihadın tiği etsə ictihad. Arkadaşlar, varlığın millət istərsə saxlasın, Əlbəəl versin də, etsin ittihadi-ittihad. * * * Səhər vaxtı siyasi bir məhbus Sübh açılır, gün doğuyor hər səhər, Ah sən, ey məhbəsi-viranə, sən, Bircə işıqlanmaz imişsən məgər?! Məndə günah yox, onu bilməzmisən? Siz, ey qara, ey vəhmli divarlar, Ədli neçin pərdələyirsiz müdam? Ey qara zəncir, ey ağır halqa, sən Çatla, neçin zülmə edirsən dəvam? Ey mələkəlmövt, gəl al canımı, Indi ki, zülm ədli təbah eyləyir. Öldür, əvət, öldür, olum rahət, ah! Kimdir? O Hatif, nə xoş söyləyir: – Səbr elə, bəxtinlə bir az qıl mədar: Məhbəsi hürriyyət edər tar-mar, Zülm enəcək, ədl olacaq payidar. * * * Hüseyn Ərəblinskiyə (Hüseyn Ərəblinskinin təşhi-cənazəsinə oxunan növhə) Möhtərəm, ey sevgili yoldaşımız mərhum Hüseyn! Çox çəkib cövrü-cəfa qardaşımız məzlum Hüseyn! Zillət içrə etdim abad səhneyi-millimizi, Xabi-qəflətdən oyatdın milləti-küllimizi. Ac-susuz atdın özün bu kəşməkeş meydanına, Millətin bir cam yetirdin səhneyi-ürfanına. Səhneyi-milli səninlə bir təcəlla bulmada, Sən vəli bir xaki-zülmətə şitaban olmada. Çəkdiyin cövri-cəfanın intəhasın bilmədin, Həsrətin qəlbində, bir cəllada can tərk eylədin. Cismini millət qəmi çoxdandu milliləndirdi, ya Qoymadı rahət səni, zatında cuş etmişdi ya! Cəhd qıldın, tək çalışdın, səhnə abad eylədin, Leyk, bir cəllad əlində qəlbin bərbad eylədin. Xalq unutmaz xadimin, ey millətin dilarəsi, Millətin ruhunda yer açmış şu qurşun yarəsi... * * * Sevdiyim (Azərbaycanın bayrağına) Altun köksün hilal-yıldız, işıqları öpüncə, Zirvəsindən Şah dağının gündoğuşu dinilür. Rəhm Allahi gözəlliklər tanrısı tək pək incə, Bir siyaqla könüllərə hey salamlar söylüyür. O yerlərdə qardaşları, dostları var, pək sevir, Yaşıl donlu, mavi gözlü, al yanaqlı sevdiyim. Canalıcı bir görkəmlə dağ başında durunca, Oxşadıqca bahar yeli açıq-dağnıq tellərin. Nazlı əlin umuzunda saçlarına vurduqca, Bir-bir oxşayırsan bütün Turan ellərin. Altaylardan, Altun dağdan doğma sellər bəkləyor Yaşıl donlu, mavi gözlü, al duvaqlı sevdiyim. Rəmuz ilə dörd bir yanə işıq saçmaq istiyor, Ara-sıra tərpəniyor, bu kəsik uçmaq istiyor, Qollarilə türk ellərin bütün qusmaq istiyor, Yaşıl donlu, mavi gözlü, al duvaqlı sevdiyim. * * * Azərbaycan bayrağına Buraxınız, seyr edəyim, düşünəyim, oxşayayım, Şu sevimli üç boyalı, üç mənalı bayrağı. Mələklərin qanadımı üzərimə kölgə salan? Nə imiş bu, aman Allah?! Od yurdunun yarpağı! Göy yarpaqlı, al çiçəkli yaşıl otlar topasımı? Xayır, xayır? Çiçək solur, otlar yerdə tapdanır. Fəqət bizim bayrığımız ucaları pək seviyor, Yulduzlardan hilaldan da yüksəklərdə fırlanıyor. Kölgəsində ay əyilib bir gözəli qucmada. Qucaşaraq sevdiyilə yüksəklərə uçmada, Şu görünüş bir ananın şəfqətinə oxşayor. Düşündükcə zövqlərimi, vicdanımı oxşayor. Bu ay, yıldız, boyaların qurultayı nə demək? Bizcə böylə söyləmək! Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı, Bir türk oğlu olmalı! Yaşıl boya islamlığın sarsılmayan imanı, Ürəklərə dolmalı! Şu al boya azadlığın, təcəddüdün fərmanı, Mədəniyyət bulmalı. Səkkiz uclu şu yulduz da səkkiz hərli OD YURDU Əsarətin gecəsindən fürsət bulmuş quş kibi, Səhərlərə uçmuşdur Şu hilal da türk bilgisi, düzgün sevgi nişanı, Yurdumuzu qucmuşdur! Allah, əməllərim edib şu bayrağı intiqal, Birər-birər doğru olmuş, bir ad almış: İSTİQLAL! Yürəyimdə bir dilək var, o da doğru kəsilsin, O gün olsun bir göy bayraq Turan üstə açılsın. * * * Salam Məhəmmədzadə Mirzəbala qardaşıma töhfə Amal quşu Şərqə doğru uçarkən, Gündoğuşda murad suyu içərkən, Səbah yeli Altun dağdan keçərkən, Turan ellərinə salam söyləyin. Bir gözəl görsəniz göylər elindən, Öpün dalğalanan ipək telindən, Od yurdunun yavruları dilindən, Turan ellərinə salam söyləyin. Baykalda görsəniz ördək izləri, Unutmayın tapşırdığım sözləri. And verirəm, durnalarım, sizləri, Turan ellərinə salam söyləyin. Intizar gözlərdən Xəzər doğuldu, Həsrət ürəyimiz yanar dağ oldu. Dillərimiz Turan deyə yoruldu Turan ellərinə salam söyləyin. Yıldızlı bir göy tac üstə ay parə, Bir al yaylıq verim yetirin yarə, Durnalar, durnalar, bizdən dübarə Turan ellərinə salam söyləyin. * * * Dün o gözəllərdə Dün o gözlərdə inliyən sevgi, O baxışlarda titrəyən xülya, Gülüşündən uçan səmimiyyət Varlığından gülümsəyən sevda Ruhi sar-sar əsirin eylərdi. Utanıb dün çiçək kibi qızaran, Şu yanaqlar bəharə bənzərdi. Gül dodaqlar əsər, susar, utanar, Gözlərin bildirirdi hər dərdi. Həm də pək şairanə söylərdi Tellərindən öpüncə aydınlıq. Ləblərindən gülümsüyürdü həyat O zaman bən sənin əsirin idim, Çünki məsum idin, fəqət heyhat! Şimdi hər şey havaya savruldu, Böyüdün, bir qədər də oldun şən. Dillə “sevdim” diyorsan imdi, fəqət, Dinməmiş gözlərindən anladığım... Eşq yox, zövq yox, yetər! Get, Get!.. Nerdədir gördüyüm səmimiyyət, Niyə yavrum riyayə çevrildi?! * * * Yaşamaq Gözümdə büsbütün aləm məzara bənzərkən, Uçar qaranlıq üfüqlərdə bir qanadlı ziya. Könül xərabəsi, göz yaşlarında inlərkən, Gülər dumanlı fəzalarda bir mələksima. Uçar... uçar... uzaşar sadə bir gülümsəyərək, Aşar üfüqləri, varlıq xiyalı boynunda. Itər... gedər... genə ruhum, axan şu yıldız tək, Vərəmli bir gecə təm iztirabı qoynunda. Sönər... susar... qara bir yoxluğun soyuq nəfəsi, Zavallı fikrimi sarsıb da dondırar... yatırır. Sonunda bir qocaman bayquşun zəhərli səsi, Sönük xiyalimə min dürlü sorğular gətirir. Neçin, neçin yaşamaq? Ölməmək! nədir məna? Neçin şu dörd yanı sarmış əzabə bağlanmaq? Neçin əzilmək, üzülmək, iməkləmək bica? Neçin həyatə səbəbsiz dözüb ayaqlanmaq? Nə var yalanla qızarmış şu cani yüzlərdə, Nə var riyayi gülümsər şu mavi gözlərdə? Nədir şu kölgəli, dolmuş yalançı qəhqəhələr? Nə var şu zəhər bulaşmış səfalı sözlərdə? Nədir, nədir dirilik yurdu? Qanlı bir ölkə! Degilmi varlıq özü canlı bir yığın kölgə? Ölüm!.. O bir əbədiyyət... görüncə siz uyğu... Nə tatlı şey... bu əzabə o sən çəkər bəlkə. Şu yas içində ümid intiharə qalmışkən, Gülümsüyor yenə birdən fəzayi-xülyadan. Demeynən ki, cani ziya... bənligim yuxalmışkən, O sanki qaldırıyor bir dumanlı röyadan. Xayır, xayır! Yaşamaq! Bir vüsalədək yaşamaq! Deyir, qoşar yürəgim! Onda bir işıqlı xiyal. Bədən bulur yenə qüvvət, itər şu yorğunluq, Nədir əcəb bu ziya?.. Iştə şanlı bir ideal. Deməm ki, gəl qucum! Hicran həyat ləzzətidir, Uzaq, Uzaq, gözüm! Ancaq məraqə yax bəni sən. Yaxınlığın genə heçlik, gülümsə göylərdən Yaşatmaq! Istəsən ancaq uzaq, uzaq bəndən! Nəsə? Budur yaşadan... rəf olunmayınca məraq, Könül deyor yaşamaq! Bir vüsaladək yaşamaq! * * * Ölkəm Şiş ucları buludlarla döyüşən Dağlarında buzları var ölkəmin. Göy otlardan ipək paltar geyinən Tarlaları, düzləri var ölkəmin. Verimli torpağı, geniş çölləri, Çalışqan ərləri, igid elləri, Böyük gəmiləri, dəmir yolları, Keçidləri, rizləri var ölkəmin. Göllərində ördəkləri üzərlər, Göllərində maralları gəzərlər, Güllərindən gəlinlər tac bəzərlər, Ceyran gözlü qızları var ölkəmin. Quzğun dəniz oynar ayaqlarında, Işıq saçar nefti torpaqlarında. Tarixlərin altun yarpaqlarında Dadlı-dadlı sözləri var ölkəmin. “Yanar dağlarında yalov coşarmış, Ona tapınmaya ellər qoşarmış, Bir çağ varmış, ölkəm azad yaşarmış, Bu yollarda izləri var ölkəmin. Ipəgindən qızlar çadra geyərlər, Ölkələrin azad görmək dilərlər, Bu yerləri bütün ellər sevərlər, Yalnız bizdə gözləri var ölkəmin. * * * Qara gözlər O gündən beş ildir tamam, Oruc tutmam, namaz qılmam Səhər-axşam var bir duam: Gözlər, gözlər, qara gözlər! Göylərə etməm etibar, Beş ildir könlüm intizar Tanıdığım, bir Tanrı var: Gözlər, gözlər, qara gözlər! Diləklərim erkən soldu, Könlüm fəryaddan yoruldu, Nə istərdim... nələr oldu Gözlər, gözlər, qara gözlər! Siz bir gözəllik Tanrısı. Mənsə bir tale ayrısı, Könlümün ilham pərisi Gözlər, gözlər, qara gözlər! * * * Gözləri Ala gözlü ceyranları andırıyor düzləri, Toplamışdır gözəlliyi ən sevimli qızları – Görkəmilə andırıyor düşündüyü sözləri Kəcbaxıcı, evyıxıcı, canyaxıcı gözləri. Sərt baxırkən ən alovlu duyğuları dondurur, Donuqluğu donub qalan ürəkləri yandırır. Gah bir toytək oynaq olur, gah bir matəm andırır Kəcbaxıcı, evyıxıcı, canyaxıcı gözləri. Bir baxışla azdırıyor, bir baxışla bildirir, Bir baxışla ağladıyor, bir baxışla güldürür; Gülümsərkən can veriyor, süzülərkən öldürür Kəcbaxıcı, evyıxıcı, canyaxıcı gözləri. Itirdiyin unutdurur, gördüyündən küsdürür, Ən sarsılmaz ürəkləri yarpaq kimi əsdirir, Tutqun gecə, aydın günmü, görən necə kəsdirir Kəcbaxıcı, evyıxıcı, canyaxıcı gözləri. Mən istərdim şairləri, şeir ilahi qucurkən, Iki gözə səcdə edib oynaq dillər açırkən, Görəydilər incə, xəfif təbəssümlər saçırkən, Kəcbaxıcı, evyıxıcı, canyaxıcı gözləri. * * * Məhəbbət aləmi qəmdir Məhəbbət ölkəsi qəm diyarıdır, O diyarda ağlayan çox, gülən yox. Cad olunmuş kimi könül çırpınır, Ağlayormu, gülüyormu – bilən yox! Fələk məni öylə günə salıb ki, Bilmiyorom yaşayımmı, ölümmü? Yazıq könlüm öylə hala qalıb ki, Bilmiyorom ağlayımmı, gülümmü? Məhəbbət ölkəsi qəm diyarıdır. O ölkəni dolaşıram bilərək. Için-için eşq ürəymi yandırır. Yanıyoram sevinərək, gülərək Gözüm ağlar, dodaqlarım gülümsər, Bilmiyoram yaşayımmı, ölümmü? Yaşamaq istərəm, ölüm bəklərəm, Bilmiyorom yaşayımmı, ölümmü? Dənizlər ardından Günəş nur saçır, Bahar gülümsüyor, çiçəklər açır, Yaşayış oynayır, dirilik uçır Keçmiş zamanlarım gözümdən keçir. Çocuqluğum, oyandığım, güldüyüm... Iynə kimi ürəyimi dələrək Gözüm ağlar, dodaqlarım gülümsər, Bilmiyorom ağlayımmı, gülümmü? Yaşamaq da istər könlüm, ölmək də Bilmiyorom yaşayımmı, ölümmü? * * * Məhəbbət əşarı Bir lalərüxəm, eşqimə sultan ola bilsən, Məndən qaç uzaq, vəslimə mehman ola bilsən. Ən odlu bir eşqin gülü al olmuş, unutma! Qismət sevənə hicr vüsal olmuş, unutma! Aşiq qanı məşuqə həlal olmuş, unutma! Varsansa, buyur, eşqimə qurban ola bilsən. Sən tifli-dəbistansan, uzaqlaş, təpərin yox! Eşq aləmi bir başqa bəladır, xəbərin yox! Ağuşi-nəcibanədə aldanma, yerin yox! Gəl, Qeys ilə həmdərdi-biyaban ola bilsən. Dün sev də, bu gün başla həmin hicrə şikayət, Məna ara, bul, eşqdə boş vəslə nə hacət? Hər aşiqə ümmid günü var olsa qiyamət, Gül onda da sən, vəslimə şayan ola bilsən. Həp hicrdədir, eşqin əgər varsa səfası; Gün gəlsə yaxın, bir od olar nazlı ziyası; Eşqim verər ancaq sənə bir zövqi-əsası; Ömrün boyu hicr ilə pərişan ola bilsən. Sən badələr iftadəsi, qanunkeşi-xilqət, Mən bir yeni məfkurəli növzadi-təbiət. Bir çoxları tək vəsldə mümkün sənə əlbət; Ancaq ki, bədənsiz quru bir can ola bilsən. Mən şeirəm, özüm, bir daha əşarə nə hacət? Mən canlı çiçəkkən, ölü gülzarə nə rəğbət? Mənsiz gülə, həp şairin əşarına lənət! Lənət sənə də, “bəxtəvər” insan ola bilsən. * * * Mənim Tanrım Mən bir zaman öz-özümdən uzaxdım, Dün bir işıq buldum, ruhuma taxdım. Bütün əski tanrıları buraxdım, Indi artıq bir tanrım var – gözəllik! Bütün əski tanrılara darıldım, Həp məcazı sevgilərdən yoruldum. Bir həqiqət buldum, ona vuruldum, Dünyada bir şüarım var – gözəllik! Oxşa məni, yeni tanrım, sevindir! Artıq fikrim, ruhum, duyğum sənindir! Çıx könlümdən, əski dünya, sonundur, Çünki yeni bir yarım var – gözəllik! * * * Məhkum Şərqə Ey Şərq, sənin üstündə cahan çarpışıyorkən, Aləm səni bölməklə səadət bölüşüyorkən, Övladın əsarətdə, yazıq, can çəkişiyorkən, Hala da sükut etmədəsən, ey evi bərbad! Kimdən, əcəba, ummadasan dərdinə imdad? Rahib kimi qovğayi-həyata həvəsin yox; Tərpənmədəsən kölgə tək, amma nəfəsin yox; Məhbəsdəsən, ancaq ki, dəmirdən qəfəsin yox; Zəncirini qırmaz nə tərəhhüm, nə də fəryad; Əsr indi dəmir dövrü, barıt dövrüdür, heyhat! Dünyanı əsir eylər ikən bir ovuc altun; Hər millət öz azadəliyin qurşuna mədyun Əsrin sözü top, haqq sözü top, tanrısı qurşun; Acizliyə qalsan, edən olmaz səni azad, Hər gün sənə sahib olacaq bir yeni cəllad. Döndər günəşin atəşə, saç Qərbə, Şimalə! Topla nə gücün varsa, giriş qəti cidalə! Ya haqqını al, ya əbədi öl, laməhalə Qoy gülləri ya qan sulasın, yaxud ədalət, Qoy ya bəşəriyyət yaşasın, yaxud əsarət! * * * Olmasın Pək az sürən baharımın canlı çiçəyi, sevimli Sonama, göndərdiyi çiçəklərə qarşı yadigarım Bülbülündən ayrı düşmüş qızılgül, Bu hicrana kimsə düçar olmasın. Kaş ki, yavrum, son günlərin sevinci, Böylə qısa, bietibar olmasın. Sənsiz könlüm fəryadlardan usanmaz, Çaylar dursa, göz yaşlarım dayanmaz. Dünya gülşən olsa, könlüm oyanmaz, Sənsiz, yavrum, artıq bahar olmasın. Dünki gülşən – yarın xəzançın oynaq, Düngi insan – yarın bir yığın topraq. Keçmiş ilk bahardan bu bir kaç yapraq, Saqın, yavrum, son yadigar olmasın. Bəlli şey ki, həyat beş qara gündür, Mənsiz gül, ağlama, könlüm sevindir, Cismim topraq olsa, ruhum sənindir, Sevgimizə yoxluq məzar olmasın. * * * Olsun qoy Həyata gəldiyim gündən bəlayə çarpıldım, Alışdı qəmlərə könlüm, o, yarım olsun qoy! Sənin ki, eşqinə ruhum pərəstiş eylər idi, Fəqət, dedin, dəli ruhun şikarım olsun qoy! Vəfalısan, dedim, eşqin könüldə bərkitdim, Könül, ürək, nə var aldın da, məhv olub bitdim; Səninçin hər şeyi, hər kainatı tərk etdim, Bu göz yaşında fəqət ixtiyarım olsun qoy! Yalançı bir görünüş: Ay, Günəş, bu ulduzlar, Yabançı hər bu baxışlar, bu nazənin gözlər, Yalan bu eşq, bu sevda, bu atəşin sözlər, Bu sonda, bari, həqiqət, şüarım olsun qoy! Neçin bu cür mənə, tanrım, bəlalı gün verdin? Bu nazlı afətə vurğun cahana göndərdin? Bahari-eşqimi, yavrum, xəzanə döndərdin; Bu dərdli günlərim artıq baharım olsun qoy! Nigari-xilqətə sordum: – Nədir bu mənalar, Bu eşq, nalə, bu hicran, bu dadlı xülyalar, Nədir həyata gülən bu dərin müəmmalar? Götür bu pərdəni, bir aşikarım olsun qoy! Dedi: – Həyat özü bir ayrılıq, kədər, bir qəm, Nə çarpır orda gəzə, həpsi bir yığın matəm; Bu göz yaşında boğulmaqsa taleyi-aləm, Mənim də göz yaşı, hicran məzarım olsun qoy! Bəşər həyata tapınmış, o, bir yığın torpaq, Vücudu, varlığı yüz min bəlayə bir oynaq; Bu gün varıq da, yarın, kim bilir, nələr olacaq? Fəqət bu bir neçə söz yadigarım olsun qoy! * * * Ölmək! O geniş körpüdən hər kəs keçəcəkdir Ölmək! O geniş körpüdən hər kəs keçəcəkdir, Bir badə ki, ondan bütün aləm içəcəkdir! Hər süslü çiçək sonda saralmış quru yarpaq, Insan da nədir? Əvvəli torpaq, sonu torpaq! Aləm doğacaq, dirçələcək, məhv olacaqdır, Dünya boş ikən əvvəli, həp boş qalacaqdır. Bir tək səni məhv etmədi bu qanlı təbiət, Həp yoxluğa, həp heçliyə məhkum bəşəriyyət. * * * Ey dan ulduzu Qaranlıq gecədə səni gözləyib, Durmaqdan yoruldum, ey dan ulduzu! Uzaq üfüqlərə göz gəzdirməkdən Az qala kor oldum, ey dan ulduzu! Öksüz taleyimtək gecikdin nədən? Karvanqıran doğdu, görünmədin sən, Oxşatdım, yanıldım, könül verdim mən Bilmədən vuruldum, ey dan ulduzu! Arxasınca qoşdum sonsuz bir yola, Hər addımda tuş gəlincə bir kola, Qaranlıqda çox baxındım sağ-sola, Hər yana buruldum, ey dan ulduzu! Büsbütün yorulub gücdən düşərkən, Bir ulduz parladı uzaq üfüqdən. Bu görünən səndin, artıq gəldin sən, Axır səni buldum, ey dan ulduzu! * * * Mən bir susmaz duyğuyam ki (ŞƏRQİ) Mən bir solmaz yarpağam ki, çiçəkləri bəzərim, Mən bir susmaz duyğuyam ki, ürəkləri gəzərim. Mən səninçin ömrüm boyu cəfalara dözərim, Sənsiz güllər açılmasın, axar çaylar dayansın, Oxu, bülbül, bəlkə yarım oyansın!.. Mən bir sönməz ulduzam ki, daim işıq saçarım, Mən bir oynaq bülbüləm ki, güldən-gülə uçarım, Mən bir saqlı aləməm ki, sevgilərdir açarım. Sənsiz günəş görünməsin, qaralara boyansın, Oxu, bülbül, bəlkə yarım oyansın!.. Mən səninçin şəfəqlərdən süslü bir tac yaparım, Yol ver mənə, gül dərmişəm, sevdiyimçin aparım! Arar, arar, arar, arar, axır səni taparım; Sənsiz solsun göy yarpaqlar, axar sular bulansın, Oxu, bülbül, bəlkə yarım oyansın!.. * * * Düşkün dünya (ŞƏRQI) Tarixlərdə öksüz kimi göründük. Illər boyu qaralara büründük, Yetər artıq ayaqlarda süründük, Qalx, qalx, qalx düşkün dünya! Tarix cəllad qan içməkdən yorulmaz, Tərpənişsiz qara zəncir qırılmaz, Yazıq, artıq bu dərdlərə durulmaz, Qalx, qalx, qalx, düşkün dünya! Qoy qırılsın artıq cəllad bıçağı, Qoy uçulsun ölüm və qan ocağı, Dünya olsun azad ana qucağı, Qalx, qalx, qalx, düşkün dünya! Hər bir qanun azadlığa bir yağı, Insan oğlu olmuş insan tapdağı, Silkin, uçsun köləliyin torpağı, Qalx, qalx, qalx, düşkün dünya! * * * Tellər oynadı Bir mən idim, bir sən idin, bir də yamaclar... Meşə yolu, yarpaq dolu yaşıl ağaclar. Onda ki, ağ umuzlara töküldü saçlar, Əsdi yarpaq, coşdu irmaq, güllər oynadı, Ürəyimdə kaman kimi tellər oynadı. Bir biz idik, bir düz idi, bir də al boya... Dağ başında ucan quşlar endilər çaya. Sən dedin ki: “Bütün dünya qoy dönsün toya!” Çaldı qaval, uzaq kənddə ellər oynadı, Ürəyimdə kaman kimi tellər oynadı. Endi duman örtü kimi dünya qarardı, Ara-sıra əsən bir yel saçın darardı, Onda ki, oynaq tellərin boynumu sardı Çaxdı çımşək, coşdu sular, sellər oynadı, Ürəyimdə kaman kimi tellər oynadı. * * * Yada düşdü Gördüm üzünü, bağçada laləm yada düşdü; Əmdim dodağın bal kimi, ağzım dada düşdü. Bir lalə yetişmişdi bu viranə çəməndə, Bad əsdi, xəzan vurdu da, laləm bada düşdü. Bir qönçə yetirdim, bəzədim, nazını çəkdim; Aldı fələk əldən onu, yarım yada düşdü. Bağlandı könül bir gülə, səs tutdu mahalı; Guya ki, bu dünyada qan oldu, qada düşdü. Söz verdi, sözün tutmadı, and içdi, unutdu; Bəlkə, deyirəm, yar usanıb innada düşdü? Bəxt onda ki, paylandı, biri çatmadı payə, Dünyada o bədbəxt də bizim bərbada düşdü. Bir ovçu kimi göldə gözəl bir sona vurdum, Çaldı qanadın göydə, gedib dəryada düşdü. * * * Açan-solan çiçəklər Bən bir güldüm, açılmadan budağımdan dərdilər, Yaşıl ikən yarpaqlarım əldən-ələ verdilər, Çox çəkmədən yazıq soldum, topraqlara sərdilər, İştə budur təbiətin sarsılmıyan dövranı... Tək çarpışdım, taleyimlə düşdüm, yardım sormadım, Çox çalışdım, istəgimlə gülər həyat sürmədim, Az yaşadım, çox ağladım, yazıq bir gün görmədim, İştə, varlıq Tanrısının ədalətsiz divanı... İnsanlığı pək sevirkən, ondan uzaq qovuldum, Hər əyləncəm bir yas oldu, göz yaşımda boğuldum, Bu talelə ulu Tanrım bilməm neyçün doğuldum?! Kimlər bilməm yazdı, verdi bu gərəksiz fərmanı... Bən istərdim bülbül kimi dolaşaydım çəməndə, Bir gül kimi şənlənəydim səbah yeli əsəndə, Zalım fələk cəvan ömrüm saldı ağır kəməndə, Qara məhbəs oldu azad bir bülbülün məskanı... Xəfif ruzgar səmum kimi ruhum əzdi, uyutdu, Parlaq günəş ümidlərim şimal kimi soyutdu, Bütün dostlar, həp insanlar varlığımı unutdu, Doğru sözdür hər aşiqin olur beş gün dövranı... Bakı, F.K. 19. 17 iyul 1923 * * * Kitabxana.az · https://kitabxana.az/collections/cabbarli-seirler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1934). Public domain (author died 1934). Original text only.