Vəfalı Səriyyə Cəfər Cabbarlı (1899–1934) Əvvəlinci məclis Vaqe olur Həmzənin evində. Döşənmiş otaq. Divarda bir xəncər, o biri divara bir tapança asılmış. Bir stul və bir kürsünün üstündə 2 kitab, kağız, qələm və mürəkkəb vardır. Stul üstündə Səriyyə oturub qəzet oxuyur. Bir qədərdən sonra məhzun bir halda qəzeti qoyub kitabın arasından bir şəkil götürüb deyir: S ə r i y y ə . Ah, Rüstəm! Ah! Ey məhəbbətilə pərişan olduğum! Nə üçün məni yaddan çıxartdın? Nə üçün mənim halımdan xəbərdar olmaq istəmirsən? Nə üçün öz sevgilini zalımlar əlində qoyub xilas etmirsən? Biz ki, bir-birilə əhd bağlamışdıq ölənəcən bir-birindən ayrılmayaq. Hər cür əziyyətə, məşəqqətə, hətta ölümə də razı olub əhdimizdən dönməyək. Bəs nə üçün sən əhdinə vəfa edib məni buradan azad etmirsən? Yox, Rüstəm, sən bivəfa deyilsən! Amma mümkün olmadığını mən də bilirəm. Nə çarə edəsən? Sən bir tək, amma bu zalımlar bihədd. Ah, Rüstəm, ürəyim çatlayır! Taqətim kəsilir! Səni görmək istəyirəm. Fəraqi-yardan mən zarü giryan olmuşam, ya rəb! Cəfavü zülmi-zalımdan pərişan olmuşam, ya rəb! Günüm zülmət tək tarik səhrayi-məhəbbətdə… Cidayi-şəmsü mahü çeşmü müjgan olmuşam, ya rəb! R ü s t ə m! Səndən ayrılanı bir aydır ki, gecələr yuxum gəlmir. Sübhədək sənin xəyalınla məşğulam. Gündüzləri aramım gəlmir. Həmişə səni arzu edirəm. Ürəyimdə fikrin, dilimdə adındır. İndi dəxi aşkar adını çəkməyi mənə qadağan eləyiblər. Yox, Rüstəm, mən sənsiz yaşaya bilmərəm. Ah, keçən günlər, keçən dəqiqələr! İndi zülm ilə bizi ayırdılar. Amma sən bixəbərsən! Yox! Qoy məni öldürsünlər, amma mən səndən ayrılmaram. Çünki bizi sarıyan eşq zənciri o qədər möhkəm, o qədər qüvvətlidir ki, ayrılmaq da istəsəm, bacarmaram. Bu eşqə ölümdən başqa bir çarə yoxdur. Yox, mən elə bir vicdan sahibi deyiləm ki, belə keçmiş günlərdən sonra səni atıb qeyrisini tutum. Mən 8 yaşında idim, atam vəfat etdi. Əmim məni çox istədiyindən anamı alıb məni də öz evinə apardı. 9 il zəhmətimi çəkib oxutdurdu. Və hərdənbir deyirdi ki; "Səriyyə, səni oğlum Rüstəm üçün alacağam". Biz də bir yerdə məktəbə gedib, oynayıb gülürdük. Səhərlər Rüstəm məni aparıb məktəbin qapısından içəri salıb, öz məktəbinə gedirdi. Birbirinə can deyib, can eşidirdik. Gündüzlər məktəbdə min dəfə Rüstəmi yada salırdım. Lakin qəza işlətdiyini işlətdi. Bir ay bundan qabaq əmim də vəfat etdi. Bir həftə keçməmiş anam məni aldadıb, bir saatlığa bura, bu vİranəyə, öz dayısıgilə gətirdi. Indi bir aydır tamam qapıları üzümə bağlayıb, burada məhbus ediblər. Heç kəsə məni göstərmirlər. Ah! Nə bivəfa tale! Nə zalım zəmanə! S ə f ə r əlində süpürgə daxil olur. S ə f ə r . Xanım, dur o biri otağa keç, buranı süpürüm. (S ə r i y y ə keçir. Səfər süpürür.) Dünyada qəribə axmaq adamlar var ha! Mənə dəli deyirlər, amma məndən dəliləri çoxdur. Budur, mənim ağam gedib xalqın qızını, adaxlısını güc ilə tutub gətirib ki, nə var, bəs səni oğlumçun alacağam. Belə də, mən ölüm axmaq iş olar! İndi bir ay üç həftə iki gündür ki, qızı burada dustaq eləyiblər. O da, rəhmətliyin qızı, hələ uzun ağlayır. Hələ uzun "Rüstəm, Rüstəm!" – deyib başımızı dəng eləyir. İndi ağalarım buraya məsləhətə gələcəklər. Gərək otağı süpürüm. (Süpürür.) Qəribə burasıdır ki, oğulun biri razı deyil, amma atası və o biri oğlanları razıdırlar. O deyir belə, o birilər deyirlər, xeyr, belə, mən də deyirəm, lap hələ belədir ki, var. (Gedir.) H ə m z ə, Çimnaz, Camal, sonra da M ə h ə r r ə m daxil olurlar. H ə m z ə. Sən necə bilirsən, ay Çimnaz? Mən deyirəm ki, bu sözü Səriyyəyə deyək. Ç i m n a z . Səriyyənə itdir ki, bir də ona məsləhət edək. Mən razıyam, vəssəlam! H ə m z ə. Yox, deyirəm, axır ki, ona deyək. Sözdür də, razı olar… olar, olmaz… onda canını çıxardıb güc ilə razı edərik. Çi m n a z . Hərgah R ü s t ə m ilə bacara bilsəniz, S ə r i y y ə nə eləyə biləcək? Əlindən nə gələcək? H ə m z ə. Axı Rüstəmin əlindən nə gələcək? Üç nəfər əjdaha kimi oğlum var. Iki gözünü bir deşikdən çıxararlar. M ə h ə r r ə m. Xeyr, məni saymayın, çünki mən belə işə qarışmıram. Mən həqqaniyyət tərəfdarıyam. Heç vaxt haqq tərəfi qoyub nahaq tərəfə, yəni sizə, kömək edə bilmərəm. H ə m z ə. İndi guya nahaq biz danışırıq də? M ə h ə r r ə m. Əlbət! Əlbət! İki nəfər məhəbbət zənciri ilə bağlanmış cavanı zor ilə ayırırsınız. Bu ədalətsizlik deyilmi? Nahaqlıq deyilmi? H ə m z ə. Ay babıların lap, lap belə böyüyü! Bu, babıların kitabının hansı üzündə yazılıb? M ə h ə r r ə m. Xeyr, babı deyil, öz kitabımızda yazılıb. H ə m z ə. Əcəb eləyib ki, yazılıb. Öl ki, yazılıb. Sən qatışmırsan, cəhənnəmə-gora qatış. Adə, Səfər! Səfər! S ə f ə r daxil olur. S ə f ə r . Bəli, ağa! Nə buyurursan? H ə m z ə. Get, o biri otaqdan qızı çağır gəlsin. (S ə r i y y ə girən otağı göstərməyib, onunla rubəru otağı göstərir.) Özün də gəl onunla. Tez! S ə f ə r . Özümün gəlməyim vacibdir, ya ki, gəlsəm gəlmişəm, gəlməsəm yox? H ə m z ə. Özün də gəl, onu tək buraxma! S ə f ə r . Deməli, mən də saldat kimi onun yanilə gəlim ki, qaçmasın də? H ə m z ə. Adə, yeri, nadürüst oğlu! Sənə deyirəm get-get, gəl-gəl! S ə f ə r . Baş üstə, ağa! (Gedir.) M ə h ə r r ə m. Mən əminəm ki, Səriyyə heç vaxt razı olmayacaq və Rüstəmdən ayrılmayacaq. Çünki onlar bir-birini sevirlər. H ə m z ə. Onun ağzı nədir razı olmasın. Biz ondan xala-xətrin qalmasın, deyə soruşuruq, yoxsa ona kim qulaq asır. M ə h ə r r ə m. Hərgah şəriət və insaniyyətlə getmək istəyirsiniz, onda soruşun; razı olarsa, gözəl, olmazsa, əl çəkməlisiniz. H ə m z ə. Ona qalsa, əlbət ki, razı olmaz. M ə h ə r r ə m. Mən də bilirəm razı olmaz. Odur ki, ona zor etməyə haqqınız və ixtiyarınız yoxdur. H ə m z ə. Onu Allah vurub. Elə razı olar ki! M ə h ə r r ə m. Heç, heç vaxt razı olmaz. H ə m z ə. A kişi, sənə nə var, yapışdın yaxamıza? Nə demək istəyirsən? M ə h ə r r ə m. Mən onu demək istəyirəm ki, onun hər bir ixtiyarı özündə olmalıdır. Qeyri bir kəsdə onun ixtiyarı ola bilməz. H ə m z ə. Bircə səsini kəs, vallahi durub çənəni çıxardaram! Sənə nə var! M ə h ə r r ə m. Yəni güc ilə xalqın qızını öldürəcəksiniz? H ə m z ə. Lap belə canını da alacağam. M ə h ə r r ə m. Nə qız razı olacaq. Siz də ki, nahaqsınız. H ə m z ə. Həftadi püştümə lənət yalan desəm; əgər bu işə razı olmasa, onu tikə-tikə doğrayıb quyuya tökdürəcəyəm. M ə h ə r r ə m. Onda on iki il Sibirə səyahətə çıxmalısınız. C a m a l. Onu Allah vurub, ondan ötrü adam Sibirə getsin. H ə m z ə. Adə, sən nə danışırsan? Biz məgər divan-dərə görməmişik. Canım bu divanlarda çıxıb, indi sən mənə öyrədəcəksən. Çox bədəbəd eləsə, sallam ipi boğazına, tullaram quyuya – nə dil bilər, nə də dodaq. (Səfər əlində süpürgə daxil olur.) Sonra iki nəfər şahiddir, inandıraram ki, Səriyyə Rüstəm ilə gedib gəlməyib. Hər şahidə üçcə manat verərəm, qurtarar gedər. Rüstəmi də tutub salarlar oraya, vəssalam. S ə f ə r . Ağa, şahidlərin biri mən. H ə m z ə. Adə, bəs necə oldu? S ə f ə r . Nə, ay ağa! H ə m z ə. Adə, mən demədim sənə qızı çağır? S ə f ə r . Ay ağa, vallah heç yadımda yoxdur. Mən səhərdən otağı süpürürəm. H ə m z ə (durur ayağa). Adə, nadürüst oğlu nadürüst. Sən mən deyənə qulaq asmırsan? S ə f ə r . Yox, ağa, vallah qulaq asıram. Bu saat çağırım də. (Qaçır, bir azdan sonra.) A-a-ay ağa! Qız heç o-o-o-otaqda yoxdur. H ə m z ə. Adə, necə! Kafir oğlu, kafir, qız qaçıb? S ə f ə r . Bilmirəm? Ay ağa, bəlkə bu otaqdadır. Sən səhv etmişsən. (Gedib yenə tez gəlir.) Ay ağa, bu otaqdadır. H ə m z ə. Adə, ay şeytan oğlu şeytan, ürəyim düşdü ki, vay sənin abavü əcdadın gorbagor olsun. Adə, hardadır ordan çağır də. S ə f ə r . Ay ağa! Abavü əcdadım nə eləsin! Sən əlinlə bu otağı göstərdin bayaq, mən də ora getdim. Burda dəxi dədəm-babam nə eləsin. H ə m z ə. Adə, tez yeri, çağır gəlsin! S ə f ə r . Baş üstə ağa! (Gedir. S ə r i y y ə gəlir.) H ə m z ə. S ə r i y y ə, bilirsən nə var? Səni Q u r b a na vermişik. (Səriyyə ağlayır.) Bu gün nikah kəsməyə gedəcəyik. Biz gəlincə hazır ol. (Kənara.) Şadlığından ağlayır, görürsünüz, dinmir. Yəni razıdır! Çi m n a z . Mənim qızım ağıllıdır. Heç böyük sözündən çızmaz. S ə f ə r (kənara). İndi bunlar əriştə doğrayırlar, amma qız heç razı deyil. S ə r i y y ə. Mən R ü s t ə m ilə hələ uşaqlıqdan bir yerdə olduğum üçün ondan ayrı yaşaya bilmərəm. H ə m z ə. Necə? Nə dedin? (S ə r i y y ə ağlayır.) Səninlə deyiləm? De görüm nə dedin? S ə r i y y ə . Mən Q u r b a na getməyə… (Ağlayır.) H ə m z ə. Sonra nə oldu. S ə r i y y ə . Mən Q u r b a na getməyə razı… (Ağlayır.) H ə m z ə. Sonra? De görüm, tez bağrım çatladı. S ə r i y y ə . Bəli, razı deyiləm! H ə m z ə. Razı deyilsən? (Qızı vurur. Qız yıxılır və durub o biri otağa gedir.) Mən səni bu saat razı edərəm. (Q u r b a n daxil olur. Məhərrəm bunları o biri otağa qoymur.) Bax bir belə kişi, o bir nəfər! O da bizim ilə inad yeritsə, onda gərək bizə papaq haram olsun. M ə h ə r r ə m. Canım, güc ilə iş aşmaz. Bir toyuğu güc ilə tutmaq olmaz H ə m z ə. Elə tutaram ki, özü də afərin deyər. Biz nikah eləyərik, iş düzələr, düzəlməz, necə bayaq dedim, doğrarıq və aparıb tullarıq. Heç kəs də onun burda olduğunu bilmir. M ə h ə r r ə m. Bəs Rüstəm? Ona nə cavab verəcəksiniz? Bir aydan bəri həştad dəfə gəlib, içəri qoymayıbsınız. H ə m z ə. Əgər mümkün olar, onu da adaxlısı kimi edərik. M ə h ə r r ə m. Məgər Allahdan qorxmursunuz? H ə m z ə. Yox? Ya gərək onu öldürəm, ya da razı eləyəm. Artıq söz lazım deyil, vəssalam. İndi durun, gedək bir qədər paltar alaq, sonra gəlib gedək Axundun yanına. (Səfərə.) Sən burda dayan, heç kəsi bura qoyma. Burdakı qızı da bir yana qoyma getsin… Əgər bu qız qaçsa, eləcə gəlib lap atana od vuraram. S ə f ə r . Baş üstə, ağa, heç kəsi qoymaram. Hamısı gedir, Məhərrəmdən başqa. M ə h ə r r ə m (fikirdən sonra). Ah! Cəhalət! Cəhalət! Səndən daha nələr gözləmək olmaz! Əcəba, dünya üzündə bircə müsəlmanlardan ötrü yaranmışdın? Zalım! Napak! Bunlar hamı sənin təsirindir ki, insaf, mürüvvət, vicdan, hamısı unudulmuş!!! Bunlar hamı sənin təsirindir ki, ədl, ədalət, Quran, kitab, şəriət, hamısı yaddan çıxmış!!! Bunlar hamısı sənin təsirindir ki, Allah, peyğəmbər, imam, din, məzhəb, hamısı bir kənara atılmış!!! Ah, biçarə müsəlmanlar! Cəhalətin pəncəyibiəmanində, səfalətin qəhri-nəhanində puç olub gedirsiniz! Haradasınız, ey vicdaniyyət, ey həqqaniyyət ki, bu qədər zülmlərə qarşı bir çarə axtarmırsınız? Haradasınız, ey ədalət ki, bir nəfər zalımı muradına yetirmək üçün iki nəfər illərcə zəhmət çəkmiş, millətin gələcək çiçəklərini həyatından mərhum etmək istəyirlər. (Gedir, yavaş-yavaş dayanır qapının ağzında.) S ə r i y y ə . Ah, öldüm! Allah!!! (O biri otaqdan zarıldayır.) M ə h ə r r ə m. Ya rəb! Eşitgilən bu yetimin nəvasını. Gör millətin fələklərə çıxmış sədasını. Puç oldu cəhl ilə zərü zibası millətin, Ey vah!!! Puç olaydı binası cəhalətin. Pərdə * * * İkinci məclis Vaqe olur keçən otaqda. S ə r i y y ə tək və pərişan oturub. S ə r i y y ə . Bədbəxt canım! Neçə illər idi ümid edirdim ki, gələcəkdə Rüstəm, əmim oğlu, istəklim ilə bəxtiyar yaşayacağam. Amma, heyhat! Ey dövrani-zalım! Ey taleyi-bivəfa! Bumu illər ilə gözlədiyim həyat? Bumu illər ilə intizarı olduğum istiqbal? Bumu illər ilə həsrətini çəkdiyim səadət? Beləmi günləri mən xəyalımda bəsləyirdim? Ah! Azadə bir bülbül kimi həmişə güllər arasında gəzdiyim halda, indi gör qəza məni nələrə məhkum etmiş? Alçaq cinayətkarlar kimi məni həbsə salıb, nökəri də üstümə zindanban qoyublar. Ilahi! Bu qədər zülm rəvamı? Ey rəbbim! Yox! Yox! Mən dəxi bu zülmə tab edə bilmirəm. Hər nə tövr ilə olursa olsun, mən gərək bu gün R ü s t ə mi görüb, həmin zənciriəsarəti ya tar-mar edəm, ya özüm məhv olam. Mənim dəxi səbr etməyə taqətim qalmadı. Ax! Zalım kişilər! Ərlər! Məzlumə qadınlar! Qızlar! (Oturub yazandan sonra.) Səfər!.. Ay Səfər!.. S ə f ə r (daxil olur). Nə deyirsən? S ə r i y y ə . Səfər! Hacı Muradalının evini görmüşsən? S ə f ə r . Necə, Hacı Muradın? S ə r i y y ə . Yox, Hacı Muradalının! Başa düşdün? Səfər. Yaxşı də, bunu deynən, Hacı Murad Əli. (Boğazından deyir.) Mən də başa düşüm! S ə r i y y ə . Hə, deməli, başa düşdün, hə? S ə f ə r . Əlbət ki, başa düşdüm, Murad Əli də. S ə r i y y ə . Yaxşı, orada R ü s t ə m var, onu tanıyırsanmı? S ə f ə r . Hansı R ü s t ə m? O küçədə Rüstəm o qədər var ki. (Fikirləşir.) Hə, o sizin qohumunuz Rüstəmi deyirsən? S ə r i y y ə . Hə, hə, o Rüstəmi! S ə f ə r . Tanıyıram! Sonra, nə olsun? S ə r i y y ə . Gəl səni beş dəqiqəliyə ora göndərim. S ə f ə r . Yox! Yox! Ağa gəlib qol-qıçımı sındırar. S ə r i y y ə . Ağan gəlincə gedib gələrsən. S ə f ə r . Yox! Yox! Allah xatiriyçün məndən xatanı uzaq elə. S ə r i y y ə . Səfər! Allah rizasına mənə rəhmin gəlsin. Görürsən özün, mənə nə qədər zülm eləyirlər. Mənə rəhmin gəlmirmi? S ə f ə r . Ay xanım, vallah gedərəm ha! Amma mən də qorxuram. S ə r i y y ə . Səfər! Sən gəl get, sonra bir yaxşı şey verərəm, arvadın üçün apararsan. S ə f ə r . Əvvəlcə ver, görüm nədir? S ə r i y y ə (oyan-buyana baxır). Vallahı burada heç bir şeyə gümanım gəlmir. (Boğazından ipək örpəyi açıb ona verir.) Bu ipək örpəyi əmim mənə iki-üç gün vəfatından qabaq almışdı. Ala! Apar arvadına bağışla. S ə f ə r (kənara). Bilirəm, dədə-babam gorbagor olacaq! Cəhənnəmə, ondan mənə bir zərər yoxdur. Amma burada beş manatlıq şey mənə qalar. (Səriyyəyə.) Gedirəm, amma gərək qapını qıfıllayım. Yoxsa oğru gəlib çarığımı-zadımı oğurlayıb aparar. S ə r i y y ə . Yaxşı qıfılla. Bax, bu kağızı verərsən Rüstəmə, bildin? S ə f ə r . Bildim, bildim. Amma lənət kor şeytana, bilirəm Həmzə qol-qıçımı sındıracaq, yainki, saqqalımın tükünü yolub, sifətimi arsız sifətinə döndərəcək. (Qapını qıfıllayıb gedir.) S ə r i y y ə . Baxın, bunlar tamam məndən ötrüdür ki, mən çıxıb qaçmayım. Biçarə Səfər, ancaq üzümə deməyə utanır. Çarığımı apararlar, – deyə bəhanə gətirir. Amma o zalımlar heç utanmırlar. Bir aydır pərvanəni şamdan ayıran kimi məni də Rüstəmdən ayırıblar. Hələ srağagün anam mənə deyir ki, Rüstəm belədir, acıqlıdır, səni döyər. Mənim dayım oğlu Qurban belə gözəldir, belə pulludur, səni ona vermişəm. Mən də günahkar olub dedim ki, razı deyiləm. Sifətimə bir sillə vurdu ki, qulağım cingildədi. Hələ bu gün səhər məni o qədər vurublar ki, əndamım gömgöy göyərib. Hərgah Məhərrəm olmasaydı, məni öldürürdülər. O, onları sakit elədi. S ə f ə r (daxil olur). A kişi, o oğlan gəlib ki, mən də bura girəcəyəm. Mən deyirəm olmaz. O heç qulaq asmır. İstədim qapını örtəm, itələdi. Əlim qaldı qapı arasında, əzildi. Aman! Aman! Vay, dədəm vay!.. Deyirəm ağam deyib buraya adam-zad buraxma. S ə r i y y ə . Eybi yoxdur, qoy gəlsin, bu saat gedəcək! S ə f ə r . Yox, heç yeri yoxdur. S ə r i y y ə . Sən allah, Səfər! Burax gəlsin, indicə gedəcək. S ə f ə r . Lənət kor şeytana, döyülməyinə döyüləcəyəm, qoy elə o da gəlsin. (Gedir.) R ü s t ə m daxil olur, hər ikisi qucaqlaşırlar. S ə r i y y ə ağlayır. R ü s t ə m. Səriyyə, əhdinizdən nə tez döndünüz? Nə üçün evə gəlmirsiniz? S ə r i y y ə . Ah, Rüstəm! Rüstəm! Mən bivəfa deyiləm. Bir aydır sənsiz aramım yoxdur, dünya başıma dar olubdur. Amma sən məni heç axtarmırsan. R ü s t ə m. Gözəl mələyim! Mən də fərağında məcnunam. Dörd dəfə gəlmişəm, deyiblər ki, Səriyyə evdə yoxdur. Mən də bu işi sizing əhdi sındırmaq istədiyinizə… S ə r i y y ə . Ah, Rüstəm! Məni səndən ayırmaq istəyirlər. Ona görə səni içəri buraxmırlar. Məni Qurbana veriblər. Bir çarə tap, R ü s t ə m, məni xilas et! R ü s t ə m. Nə danışırsan? Kim bizi ayırır? Bu nə sözdür? S ə r i y y ə . Biz əhd eləmişdik ki, ölənə kimi bir-birindən ayrılmayaq. R ü s t ə m, əhdinə vəfa et! Məni bu zindandan xilas elə! R ü s t ə m. Gözəlim! Siz razı olmasanız , gücləmi sizi verəcəklər? S ə r i y y ə . Bəli! Güc ilə məni razı olmağa məcbur edirlər. Budur, qapılar üzümə bağlanıb, məni burada məhbus saxlayıblar. Heç kəslə danışmağa qoymurlar ki, dərdimi bir kimsə bilməsin. R ü s t ə m. Əzizim! Belə iş olmaz. Buna anan da razı olmaz. S ə r i y y ə . Yox, anam onlardan da zalımdır. Onlar hamısı qət ediblər ki, səni burada mənim yanımda görsələr öldürsünlər. R ü s t ə m. Axı nə səbəbə, nə üçün? S ə r iy y ə. Bu gün anam, Həmzə və oğlanları məsləhət qoydular ki, məni Qurbana versinlər. Mən dedim ki, razı deyiləm. Bundan ötrü məni o qədər döydülər ki, ancaq Allah halımdan xəbər tutdu. Bu işlərin də baisi Həmzə ilə anamdır. R ü s t ə m. Səriyyə, sevgilim, belə iş olmaz! Güclə şey yaramaz. Onlar bilirlər ki, biz bir-birindən ayrılmarıq! Belə iş eləməzlər. S ə r i y y ə . Yox, R ü s t ə m, sən bilmirsən mənə nə zülmlər edirlər. (Ağlayır.) R ü s t ə m. Səriyyə! Ağlama! Yenə yalvarın, görək, bəlkə rəhmləri gəldi. S ə r i y y ə . R ü s t ə m! Yalvarmaq zamanı keçib. Əgər yalvarmaq ilə olsaydı, mən çox yalvarmışam, ağlamışam. Heç bir şey olmur. Hər kəlmə üçün bir dəfə döyülmüşəm. R ü s t ə m. Bəs indi nə çarə edək? S ə r i y y ə . Bax, bir kəlmə söz üçün məni nə cür vurublar! (Qolunu göstərir.) R ü s t ə m. Allah, bu zülmlərə şahid ol! İllərlə ürəyimizdə bəslədiyimiz ümidləri məhv etmək istəyirlər. Atam ölmüş, daha bir kəsdən kömək diləməyə gümanım gəlmir. Yox, Səriyyə, elə də olmaz. Lazımdır ki, bir qədər mülayimanə yalvaraq. S ə r i y y ə . Rüstəm, bunların rəhminə güvənməkdənsə, dəryada iynə üstünə minib xilas olmağa güvənmək daha əfsəldir. R ü s t ə m. Artıq heç bir çarə yoxdur, gözəlim! Gəl nə qədər onlar burada yoxdur, qaçaq! Gəl, gedək! S ə r i y y ə Səfərə baxır. S ə f ər (kənara). Döyülməyinə döyüləcəyəm, qoy xırlı-pırlı, ağıllıbaşlı döyülüm! Oynayan yerli oynar. Gedin! Heç bir tikə sizi tutmaram. Gördüm dəyənək haqq-hesabı var, mən də qaçıb sizin yanınıza gələrəm. Gedin, Allah sizə kömək eləsin. (Səs gəlir.) Bircə dayanın, görüm o nə səsdir. (Gedir.) S ə r i y y ə . Deyəsən, Rüstəm, xəbər tutublar. S ə f ə r (daxil olur). Ay xanım, ağa öz oğlanları ilə gəlir. H ə m z ə (öz oğlanları ilə daxil olur). Bu nə hekayətdir? Bunu kim buraxdı? R ü s t ə m. Məgər nə olar bura gələndə? Mən buranı öz evim kimi sanıb gəlmişəm. Atam sağ olanda da mən bura gələrdim. İndi nə olub ki, məni bura buraxmaq istəmirsiniz? Mənim təqsirim nədir? H ə m z ə. Sənin təqsirini mən sənə bildirərəm. Sənin o qızın yanında nə işin var? R ü s t ə m. Məgər o qızın yanına gəlmək qadağandır? S ə r iy yə (kənara). Allah! İndi onu öldürərlər. H ə m z ə. Əlbət ki, qadağandır. Məgər sən mənim evimi nə hesab edirsən? R ü s t ə m. Mən həmişə gecə-gündüz o qızla olmuşam. Onunla böyümüşəm. İndi nə səbəbə gəlmək olmayır? H ə m z ə. Dəxi sən görən ağaclar kəsildi. Bir də o qızın yanına gəlməyə ixtiyarın yoxdur, çünki o qızı özgəyə vermişəm. R ü s t ə m. Necə özgəyə vermişəm, bəs mən?.. Mən?.. H ə m z ə. Sən bir də qiyamətdə onu görərsən? R ü s t ə m (stulu götürür). Ox, dəxi can gəldi boğazıma, ya Allah… H ə m z ə (tutur stulu). Adə, vurun bu həyasız oğlunu! (R ü s t ə m tutur Həmzənin yaxasından.) Q u r b a n. Adə, burax atamı? H ə m z ə. Adə, Q u r b a n ölmüşsən? Tapança ilə vursana. Q u r b a n tapançanı divardan götürüb Rüstəmi vurmaq istədikdə, S ə r i y y ə qışqırıb mane olur. S ə r i y y ə . Yox, onu vurma, məni vur. M ə h ə r r ə m R ü s t ə mi bayıra itələyir. Q u r b a n. Çəkil qabağımdan, sənə deyirəm. (İtələyir Səriyyəni. Getmək istədikdə M ə h ə r r ə m qoymur.) H ə m z ə. Haram olsun sizə yediyiniz çörəklər. Mən onun üçün göydə gəzirdim, yerdə əlimə düşmüşdü, niyə onu tutub sağ buraxdınız? Q u r b a n. Hərgah M ə h ə r r ə m onu qaçırmasaydı, onu bir gülləyə Qurban edərdim. S ə f ə r (kənara). Bəs necə, kişi əvvəlinci qoçudur. (Çıxır bayıra.) H ə m z ə (M ə h ə r r ə mə). Buna bax, bu da ona kömək edir. Yoxsa o mənim əlimdən sağ qurtara bilərdi? M ə h ə r r ə m. Ay ata! Belə iş yaramaz. Mən dünən də demişəm: Qurban üçün qız az deyil. Birini alıb ölüb. İndi bir dul alsın və ya dul istəmir, ayrı bir qız alsın. Nahaq yerə iki cavanı bədbəxt edirsiniz. Qurban onu öldürər, özü də katorqaya gedər. Qız da Rüstəmsiz yaşamaz! Nə üçün yaxın bir qohumluq arasında ədavət qalxsın. Hərgah Qurban zor ilə o qızı alsa da… heç biri bir gün görməz, fəna bir həyat qarşısında məhv olub gedərlər. Çünki Səriyyə Rüstəmi sevir, Rüstəmə aşiqdir, Rüstəm də Səriyyəyə. Bunu bir dəfə demişəm, siz nahaq yerə bu cavanları zəlalətə salmayın. H ə m z ə. Yəni sözün qısası nə demək istəyirsən? M ə h ə r r ə m. Mən onu demək istəyirəm ki, Səriyyəni Rüstəmə verib, Qurban üçün özgə qız alın. H ə m z ə. Səsini kəs məlun! Yoxsa başını əzərəm. Boyuna bax! Bir qarış boyu yoxdur, bizim başımıza ağıl qoyur. M ə h ə r r ə m. Ay ata! Axı onlar bir-birini sevirlər. Onları ayırmaq da mümkün deyil. Bu sizin üçün günahi-kəbirədir. Çünki bədbəxtliyə bais siz olursunuz. Allahdan qorxun. H ə m z ə. Adə! Burada nə günah yeri var? Qızdır, o da istəyir, mən də… O alanda savab oldu, mən alanda günah? Sabah biri gəldi ki, arvadını istəyirəm. Vermədim, bu da mənim üçün bir günah oldu? M ə h ə r r ə m. Ay canım!.. H ə m z ə. Belə bir zəhrimar canım, dərd canım! Babının bir babı, gəlib bizim üçün vəkillik edəcək. Belə mənim də inadda əlim var. Ya gərək bunlar qəbirə getsinlər, ya Sibirə. Axır o qız ölsə də, verməyəcəyəm!.. Vəssalam. M ə h ə r r ə m. Əhsən möminliyinə. (Gedir.) H ə m z ə. Allah vursun sənin kimi övladı. Aləm oxuyar mömin, Axund olar. Amma bu Allah vurmuş oxuyub babı olub. Bu da camaatın təzə uşqollası! Səfər! Səfər! S ə f ə r (daxil olur). Nə buyurursan ağa? H ə m z ə. Adə, ay heyvan oğlu heyvan! Mən sənə deməmişdim qapıdan bir yana tərpənmə, bura adam-zad gəlməsin? S ə f ə r (əsə-əsə). Ay ağa! Vallah qapını qıfıllamışdım, getmişdim. Tez yenə qayıtdım gəldim. H ə m z ə. Məgər hansı cəhənnəmə getmişdin? S ə f ə r . Ay ağa! Məgər neçə cəhənnəm var? H ə m z ə. Heyvan oğlu heyvan, hələ mənimlə sual-cavaba başla! Belə hara getmişdin? (Gedir üstünə.) S ə f ə r . Vallah, ağa, qələt eləmişəm! Gələn səfər gedəndə daha qapını qıfıllamaram, açıq qoyub gedərəm. H ə m z ə. Allahü-əkbər! Adə, mən deyirəm heç getmə. Bildin? S ə f ə r . Baş üstə, ağa, istəyirsən heç qapıda da dayanmayım. H ə m z ə. Ay kişilər, belə heyvana nə deyəsən? S ə f ə r (kənara). Hər nə deyirsən de, ancaq dəyənək haqq-hesabı olmasın. Səriyyə (o biri otaqdan). Ah! İlahi!!! H ə m z ə (S ə r i y y əyə tərəf). Zəhrimar! Səni bir dərdə salım ki, dərmanın ələ düşməsin! (Qurbana.) Qurban! Səfəri apar bu tin dükandan bir kəllə qənd al, ver ona, gətirsin, gedək Axundun yanına. Səfər ilə Qurban gedirlər. Yerdə qalanlar keçirlər o biri otağa. S ə r i y y ə . Bəli! Hər bir yerdən ümidim kəsildi. Bircə ümidim qalır ki, o da şəriətimizdir. İndi məni Axundun yanına apararlar, onda deyərəm ki, razı deyiləm! Axund nikah kəsməz, sonra gərək nə olar. Belə də gözəl şəriət olar? Hər şeyi gözəl surətdə əmr buyurmuşdur. Qurban , Səfər daxil olurlar. Qurban baxır o biri otağa. S ə f ə r . Qəndi A x u n d yeyəcək, nahaq yerə çiynim əzildi. H ə m z ə. Hə… Gəlmişsiniz… Adə, Səfər, götür qəndi gedək. (Hamı çıxır.) S ə r i y y ə (yıxılır ayaqlarına). Ay baba! Vallah mən bu işə razı deyiləm! H ə m z ə. Səsini kəs, həyasız! Məgər sənin ilədir razı olmuyasan? Vaxta ki, anan və mən razıyıq, sən də qələt eləyirsən? Bir saatdan sonar səni həmişəlik adam elərəm. S ə r i y y ə n i itələyib gedir və qapını qıfıllayır. Bir azdan sonra R ü s t ə m pəncərənin qabağında görünür. R ü s t ə m. S ə r i y y ə! Ağlama! Səbr elə! S ə r i y y ə R ü s t ə mi görcək pəncərənin qabağına atılır. S ə r i y y ə . Bir az səndən qabaq anam, Həmzə və oğlu Axundun yanına getdilər. Məni aparmadılar. R ü s t ə m. Yaxşı, dəxi sən ağlama! Mən gedib bu saat Axunda sizin razı olmamağınızı bildirərəm. Salamat qal. (Gedir.) Bu halda Q u r b a n o biri otaqdan daxil olur. Qapını itələyir, qapı bağlı olduğundan, mıxdan tapançanı götürüb, yan otaqdan çıxıb pəncərənin qabağına, R ü s t ə m gedən tərəfə yüyürür. S ə r i y y ə . Ah, zalım, getdi! İlahi, sən Rüstə mə kömək ol. Bir bərk səs gəlir. Bir azdan sonra Q u r b a n qayıdır. Q u r b a n. Hə… Yaxşıdır? İndi görək nə edəcəksən? Kiminlə danışacaqsan? Kimi sevəcəksən? R ü s t ə m də öldü? S ə r i y y ə . Necə, R ü s t ə m öldü! Q u r b a n. Canı da çıxdı! S ə r i y y ə. Ah!.. Yox, mən də Rüstəmdən sonra yaşamaq istəmirəm. Dəxi mən ölüm istəyirəm. Q u r b a n. Yenə dilini kəsmirsən? S ə r i y y ə . Hərgah səndə insaf varsa, tapança ilə vur. Birdəfəlik məni bu bəladan qurtar. Q u r b a n. Sənə demirəm kəs səsini! (İtələyir, gedir o biri otağa.) S ə r i y y ə . Ya rəb, neçin rəvaqi dağılmır fələklərin? Görmürmü zalimani-cəhanın cəfasını? Zalim, nə qədər zülm eləyirsən, elə… fəqət, Axırda bu zülmün görəcəksən cəzasını! Pərdə * * * Üçüncü məclis Vaqe olur qayət, qəni, lakin çirkin döşənmiş A x u n dun evində. Otaq xalılar ilə döşənmiş, bir küncdə yeşik üstündə bir qədər köhnə kitab, A x u n dun altında döşək, M o l l a Möhsün ilə söhbət edir. A x u n d. Bəli! Beytülxəlayə girmək şərtləri çox ağırdır. Odur ki, bu zamanın cavanları təharətsiz dururlar. Şəxs gərək aftafanı sağ əlində tutub, sol əli ilə qapını açsın və sağ ayağını içəri qoyub, sonra sol ayağını daxil etsin. M o l l a Möhsün. Cənab A x u n d! Bəlkə bir şəxsin əli naqisdir? A x u n d. Elə olan surətdə, ərz olunsun ağanın qulluğuna, ağayiHəmzeyiSəlyaninin buyurduğuna görə, aftafanı yerə qoyub, hansı əli ilə mümkün olsa qapını açsın! Xülasə, M o l l a Möhsün, şəriət işi çətin əmrdir. M o l l a Möhsün. Ay ağa! Bəzi müsəlman qızları uşqollaya gedir, ona bəs nə buyurursunuz? A x u n d. Mən? Nə buyuracağam! Mənim ağzım nədir! Bu barədə ülamalər buyurublar! Nəinki qızların, xeyr… lap oğlanların da oxumağı haramdır. Hətta ağayi-Səyid Həsəni-Mazəndərani öz risaləsində buyurur: hər o şəxsi ki, övladını uşqollaya qoysa, qiyamətin günü olcaq, onu burnu üstə cəhənnəmə sürüyəcəklər. Canım, qız bir yasin surəsini bildi, bəsdir, kifayətdir və oğlana da lazım olan məsələləri gəlib mənim kimi Axundlardan xəbər alar, vəssalam. Di, anladın məsələni? M o l l a Möhsün. Bəs deyirlər, o məktəblərdə əvvəlinci ildən şəriət öyrədirlər. A x u n d. Yaxşı, tutaram ki, şəriət öyrədirlər! Bəs niyə orada oxuyub çıxanların əksəri tərkəssəlat, qumarbaz, çaxır içən, Allahı, Quranı, peyğəmbəri, imamları və bizim kimi A x u n dları danan olur? Ey mömin kişi, hansını deyim? Keçən gün bir uşqolla uşağı Quranın tərcüməsini mənim yanıma gətirib deyir: cənab Axund, bu Qurana bax, gör yaxşı tərcümə olunub. Bə məhzi ki, mən bu sözü eşitdim, elə bil ki, rəhmətlik atamın qəbrinə od vurdular. Dedim: ay laməzhəb! Quranı da tərcümə etmək olarmı? Bu hansı kitabda yazılıb? Axı belə müsəlmançılıq olmaz, ay biqeyrət, axır Qurana da əl apardın? M o l l a Möhsün. Cənab Axund, Quranı heç mümkün deyil tərcümə etmək? A x u n d. Əlbəttə ki, mümkün deyil! Əgər sən bu sözü ürəkdən deyirsənsə, müsəlmançılığın dürüst deyil. Çünki Quranın hər kəlməsinin lap azı səkkizdən tutmuş yetmiş ikiyə qədər mənası var. Di elə Quranı tərcümə, görək nə tövr edirsən. And olsun sənin başına, cəmi üləmaların, yəni cənab Həmzəyi-Səlyaninin, ağayi-Səyid Həsəni-Mazəndəraninin və mərhum ağayi-Səyid Molla Məhəmmədi-Ordubadinin fitvaları bunadır; hər o şəxsi ki, Quranı türkcə tərcümə edə, o ağaların buyurduğuna görə, o şəxs, yəni mütərcim, ömrünün əvvəlindən ta qiyamətədək lənətə giriftar olar. Di anladın məsələni? M o l l a Möhsün. Bəli, Axund, Allah səndən razı olsun! Düz buyurursunuz. Bu halda H ə m z ə, Səfər və qeyriləri daxil olur. S ə f ə r əyləşir qapı ağzında. H ə m z ə. Salaməleyküm! A x u n d. Vay əleyküməssalam, buyurun, əyləşin! (Səfərə.) Adə, siz də buyurun bu tərəfə. Bacı, siz də zəhmət çəkin o biri otağa… S ə f ə r . Xeyr, A x u n d, yerim çox yaxşıdır! (Kənara.) Zalım oğlu yaxşı duyub işi. A x u n d. Yaxşı, bəndəyə məxsus nə qulluğunuz var? S ə f ə r . Şoğərib o qədər ağırdır ki, çiynimi lap üzüb! H ə m z ə. Cənab A x u n d, qul sahibi olasınız! A x u n d. Çox sağ ol, Allah imanını kamil eləsin. H ə m z ə. Mən xahiş etmək istəyirəm ki, iki qulbeçənizi bir-birinə məhrəm edəsiniz. A x u n d. Çox yaxşı! Çox gözəl, çox pakizə, çox qəşəng. Allah mübarək eləsin. Bu barədə mötəbər hədis var. Bu nikah kəsməkdən və ya kəsdirməkdən zorba səvab yoxdur, ələlxüsus, siğə ola. Üləmaların çoxu bu barədə yazırlar ki, o evdə ki, siğə oxunur, həmin evin daminə o qədər mələklər yığılır ki… S ə f ə r . Yəni sənin saqqalının tükü qədər? A x u n d. Damda yer olmaz, bir-birindən sallanarlar, bir-birini itələrlər. Axırda, ağayi Molla Hacı İbrahimi-Nəxçivaninin yazdığına görə, biri yıxılıb ayağı şikəst olar. S ə f ə r . A kişi, damı-zadı uçurdarlar başımıza, qoy görək ha!!! A x u n d. Sonradan da, əksər üləmanın, əz on gümlə, ağayi "Camişül-ülüm" Mazəndəraninin fitvasınca, o mələkin ayağı sağalar, şəfa tapar. Amma mərhum ağayi Hacı Səmədi-Məmağani öz risaləsində yazır ki, xeyr, o mələk həmişə şikəst qalar və o şikəstliyilə fəxr edər ki, siğə oxunan evin damından yıxılmışam. S ə f ə r . Ağa, bu dama gəliblər? A x u n d. Bəli! Bəli! Nə deyirsiniz! S ə f ə r . Durum bir baxım görüm, onlar necə adamdırlar? O bir dənəsi yıxılanda elə göydə tutum ki, yerə dəyib qıçı sınmasın. A x u n d. Xeyr, siz səhv edirsiniz! Onları görmək olmaz. Çünki onlar, ərz olsun ağaların qulluği-şəriflərinə, nurdan xəlq olunublar və gözə də görünməzlər. M o l l a Möhsün. Şükürlər olsun Allahın qüdrətinə! S ə f ə r . Yaxşı, cənab A x u n d, bəs siz onları nə tövr görürsünüz? H ə m z ə. Adə! Axmaq-axmaq danışma! Utanmaz oğlu, hələ durub iki saat da cənab A x u n da zəhmət verib məsələ elər. A x u n d. Xeyr! Siz nahaq yerə mane olursunuz. O çox yaxşı eləyir ki, soruşur, çünki şəriət ki, var, tük kimi bir şeydir. Bir balaca lazım olmayan tərəfə dartdın, qırılar, yəni günahkar olarsan! H ə m z ə. Əstəğfürulla rəbbi və əttöbə ileyh! Allah şeytana lənət eləsin! A x u n d (səfərə). Qaldı sizin sualınızın cavabı, ərz olsun, o mələkləri gördün və ya görmədin, vacibatdan deyil. Bir kərrə eşitdin, kifayət edər. (Qələmdandan qələm və kağız götürüb yazandan sonra.) Mənkuhə qızın və mənkuhə oğlanın ismilərini buyurun! H ə m z ə. S ə r i y y ə və Q u r b a n. A x u n d. Çox gözəl və çox pakizə. (Yazır.) Yaxşı, mənkuhə qız buradadır, ya yox? H ə m z ə. Xeyr! A x u n d. Eybi yoxdur! Eybi yoxdur! Olmamağı məsləhətdir. S ə f ə r . Zalım oğlunu kəllə qənd lap başdan çıxarıbdır! A x u n d. Yaxşı! Qızdan vəkil kim ola? H ə m z ə. Anası Çimnaz. (Səfərə.) Adə, Çimnazı çağır gəlsin. Çimnaz gəlir. A x u n d. Yaxşı, sən öz qızın üçün şəhadət edirsən ki, Səriyyə Qurbana getməyə razıdır? Çi m n a z . Bəli, mən şəhadət verirəm ki, qız razıdır! S ə f ə r . Yalançının imanına tula bağlayım, heç qız razıdır? A x u n d. Yaxşı, indi iki nəfər də şahid gərəkdir. Biri qız tərəfindən və biri də oğlan tərəfindən. H ə m z ə (öz-özünə). Yaxşı, mən ollam oğlan tərəfindən. Səfər də olar qız tərəfindən. (Axunda.) Cənab Axund, bizim evdən şahid yararmı? A x u n d. A kişi, nə üçün yaramaz? O dəxi də gözəldir ki! Yaxşı, ismi? H ə m z ə. Səfər. S ə f ə r (gəlir yaxına). Nə buyurursunuz? A x u n d. Sən şəhadət vermək bilirsənmi? S ə f ə r . Hə! Şəhadət kəlməmi? Nə üçün bilmirəm, məgər mən müsəlman deyiləm? A x u n d. Xeyr, şəhadət ərz edirəm. S ə f ə r . Cənab A x u n d! Başa düşürəm, bir siz dayanın mən deyim! Əgər qələtim olsa kəlləni vur başıma. A x u n d. Siz mültəfit deyilsiniz! S ə f ə r . Bir siz dayanın mən deyim! Əşhədən-laila… A x u n d. Adə, ay heyvan, başa düş: belə bir şəhadətdən demirəm. S ə f ə r . Ay ağa, bunun cəmisi iki dənədir. Biri kəlmeyi-şəhadət, biri də kəlmeyi-torbə və ya ki, "rütubətdir". A x u n d. Kəlmeyi-torbə xeyr, ona biz üləma kəlmeyi-teyyibə deyərik. S ə f ə r . Hə… hə… tiybə… onu deyirsiniz? Onu da bilirəm. Onda heç qələtim yoxdur. A x u n d. Şəhadət deyirəm, hey… yəni şahidlik… S ə f ə r . Yəni şahid götürməyə, mən kəlmeyi-tiybəmi bilirəm. A x u n d. Baho! Siz yenə mültəfit olmadınız. H ə m z ə. Adə, bir başa düş, gör sənə nə deyirlər. S ə f ə r . Ay ağa, mən hamısını başa düşürəm. H ə m z ə. Adə, belə de ki, S ə r i y y ə Q u r b a na getməyə razıdır. S ə f ə r . O məgər kəlmeyi-şəhadətdir? H ə m z ə. Adə, biz səndən şəhadət istəmirik, şahidlik deyirik! S ə f ə r . Pəs A x u n d ağa şəhadət buyururdu, mən də ona şəhadət ərz edirdim. H ə m z ə. Yox, o da şahidlik deyirdi. S ə f ə r cavab vermir. H ə m z ə. Adə! Burda bir çətin şey yoxdur ki, deyinən o evimizdəki qız Qurbana getməyə razıdır. Başa düşdün? S ə f ə r . Əlbət ki, başa düşdüm. Qanmaz deyiləm ki, şahidlik edirəm, amma bilmirəm düzünü deyim yalanını? A x u n d. Əlbət ki, düzünü demək lazımdır. S ə f ə r (H ə m z əyə baxır). Axı qorxuram. A x u n d. Qorxma, de! S ə f ə r . Deyirəm, amma nə cür, bilmirəm. A x u n d. Yəni çe? S ə f ə r . Necə yəni çe? H ə m z ə. Adə! Dəxi 36 saat ispor lazım deyil ki, bir kərrə de qız razıdır, vəssalam! S ə f ə r . Yəni, yəni lazım deyil. Bax, mən şahidlik edirəm ki, S ə r i y y ə R ü s t ə mə getməyə razıdır. A x u n d. Xeyr, siz səhv edirsiniz. R ü s t ə mə yox Qurbana… S ə f ə r . Xeyr, cənab A x u n d, siz səhv edirsiniz, Q u r b a na yox, Rüstəmə. H ə m z ə. Adə, biz səndən Qurban sözü soruşuruq. Cənab A x u n d, bu axmaq oğlu axmaq lap çaşıb, danışdığını bilmir. A x u n d. A kişi, nökər özü nədir ki, onun şahidliyi nə ola. S ə f ər (kənara). Saqqalım yoxdur, tükü bitməyir. Saqqalım yoxdur, sözüm ötməyir. Sözün düzünü deyəndə heyvan oğlu, axmaq oğlu oluram. H ə m z ə. Ay ağa, olmaz ki, (pul qoyur A x u n dun döşəyinin altına) bu cənab şahidlik eləsin. A x u n d. A kişi, nə üçün olmaz. M o l l a Möhsün! Bu cənab sizdən xahiş edir ki, siz şəhadət edəsiniz. M o l l a Möhsün. Mən məşqülüzzuma olaram. Çünki mən heç bir şey bilmirəm və ondan əlavə iş, deyəsən, bir az şübhəli oldu! A x u n d. Şahid iki lazım olduğuna görə deyirəm və bir də bu boyda kişinin yalan deməyəcəyinə əminəm, bunun atası rəhmətlik… H ə m z ə (kənara). Xeyr a… yenə başladı əlifbeydən… A x u n d. Allah sizin ölənlərinizə rəhmət eləsin, çox yaxşı kişi idi. Həmişə ildə mənim üçün buğdasından, soğanından, qarpızından, lobyasından, noxudundan göndərərdi. Hər halda bu da atasına oxşayacağı yəqinimdir. Ona görə şahid sizi də yaza bilərəm. M o l l a Möhsün. Axı qorxuram. A x u n d. İnşaallah heç bir şey olmaz, günahı olsa, mən zamin olaram. M o l l a Möhsün. Hərçənd qorxuramsa da, amma sizin xatiriniz üçün deyirəm. A x u n d. A kişi, de, qorxma, babalın boynuma. M o l l a Möhsün. Mən şəhadət edirəm ki, S ə r i y y ə Qurbana getməyə razıdır. A x u n d. Vəssalam də! Dəxi burada bir çətin iş yoxdur. (A x u n d kağızı yazıb tamam edəndən sonra yerə qoyub, yazının üstünə torpaq töküb H ə m z əyə verir.) Allah-taala həzrətləri mübarək eləsin. Allah onları hər iki dünyada xoşbəxt eləsin. Bu halda R ü s t ə m daxil olur. R ü s t ə m. Salaməleyküm! A x u n d. Əleyküməssalam… H ə m z ə. Adə, Səfər, çıxar bunu bayıra… S ə f ə r (kənara). Bəlkə yazığın bir özgə işi var, çıx bayıra, ağa deyir, çıx bayıra, çıx! Ç im n a z . Həyasız oğlu yapışıb yaxamıza, əl çəkməz a-a… R ü s t ə m. Çıxmıram! S ə f ə r . Ağa, mən dedim, çıxmadı. H ə m z ə (durur ayağa). Adə, eşitmirsən çıx bayıra!.. Bir-birini itələyirlər. M o l l a Möhsün durub onları aram edir. M o l l a Möhsün. Otur, ay kərbəlayı, bir görək nə var! Oturun! A x u n d. Həzərat, sakit olun, görək bu cavan nə demək istəyir. Siz nə buyurursunuz? R ü s t ə m. Mən cənab A x u n ddan acizanə rica etmək istəyirəm ki, indi nə işlə məşğul olduqlarını bəndəyə buyursunlar. H ə m z ə Sənə nə borcdur? Sən kimsən? S ə f ə r . Zalım oğlu elə bil ki, asmatordur. A x u n d. Həzərat, aram olun. (R ü s t ə mə.) Nikah əqd edirdik. R ü s t ə m. Kimlərin nikahını? A x u n d. S ə r i y y ə ilə Q u r b a nın! R ü s t ə m. Aya, mənkuhə qızdan sual edib, rəyin bilib, razılığına əmin oldunuz? A x u n d. Bəli, razılıq aldım! R ü s t ə m. Bəs mənkuhə qız haradadır? A x u n d. Qız qaibdir. Lakin ərz olsun, iki nəfər adil şəxs şahidlik edirlər ki, bəs qız razıdır. R ü s t ə m. Yaxşı, şahidlər kimdir? A x u n d. Bu ağa ilə bu xanım. (M o l l a Möhsün ilə Çimnazı nişan verir.) R ü s t ə m (M o l l a Möhsünə). Cənab, siz bilirsiniz ki, Səriyyə Qurbana getməyə razıdır? M o l l a Möhsün. Hə… yox… hə… Xeyr, bilmirəm… R ü s t ə m. Cənab A x u n d! Hansı dinin fitvasınca mənkuhə qızın özündən razılıq almamış nikah icra edirsiniz?.. A x u n d. Anası şəhadət etdi, biz də nikah kəsdik! R ü s t ə m. Anası yalan deyir, bu nikaha qız razı deyil! S ə f ə r (kənara). Mən də dedim razı deyil, amma A x u n d kəllə qəndin xatirəsi üçün heç mənə qulaq da asmadı. A x u n d. Siz nə danışırsınız? Ana heç vaxt qızının pisliyini istəməz. R ü s t ə m. Mən ərz elədim ki, qız razı deyil və təvəqqə edirəm ki, qızın özünü çağırıb soruşasınız və həmin nikahnaməni pozun! A x u n d. Mən heç vaxt nikahnaməni pozmaram və qızı da tələb etməyə ehtiyacım yoxdur. S ə f ə r. Allah vara əlli qız olsun, o kəllədən əl çəkməz! R ü s t ə m. Onda siz aşkar xilaf-şər iş görürsünüz. A x u n d. Artıq-əskik danışma, bura sənin üçün teatr deyil, bayıra çıx! S ə f ə r . Bəs necə, bura A x u n dxanadır! A x u n d. Övlad ki var, ata-ananın qolubağlı quludur. Lap moltanıya da nikah etməyə hazıram. S ə f ə r . Yəqin mələklər basabas salıb, davaya tamaşa edirlər. Bu dəfə on beşinin qıçı sınar, çünki tamaşa çoxdur. R ü s t ə m. Ala, bu da bizim şəriətmədarımız. Şəriətimizdə necə gözəl yollar, maraqlı təriqlər var!.. Baxın, indi necə şəriətə xilaf gedən vicdansızlar özlərini şəriətmədar adlandırırlar. Əfəndim! A x u n d. Əfəndi özünsən! R ü s t ə m. Ağa! İnsaf edin, bir kəlləyə məsum və təqsirsiz bir qızı Q u r b a n etməyin. A x u n d. Çox danışma, məlun! Bayıra çıx, nainsaf özünsən! R ü s t ə m. A x u n d həzrətləri, hərgah siz o kəllədən ötrü bir bidətə iqdam edirsinizsə, o kəllənin qiymətini mən sizə verərəm. Ancaq şəriət qanununa mütabiq iş görüb özünüzü günahkar və həmin məsum, bigünah qızcığazı da bədbəxt etməyin! A x u n d. Vallah… vallah, şəriət qənim olsun hər kim yalan desə!!! Neçin günah eləyirəm. Ancaq anası şəhadət etdi, mən də inandım. Amma indi ki, siz deyirsiniz qız razı deyil, ərz olsun, mən də şübhəyə düşdüm. Ona görə qızı tələb etməyə məcburam. (H ə m z əyə.) Həqiqət, qızsız nikah dürüst olmaz. Mən sənin xatirin üçün kəsdimsə də, lakin həqiqət halda dürüst deyil. S ə f ə r . Pul adı eşidəndə nə tez razı oldu! Səhərdən bu oğlan məlun idi. H ə m z ə. Baş üstə, qızı gətirərəm, amma gərək bu oğlan qız gələndəburada olmasın. Çünki qız ondan qorxub razı olmaz. A x u n d. Nə eybi var, çox yaxşı. (H ə m z ə durub Camal ilə gedir. Rüstəmə.) Siz də bir az çıxın bayırda dayanın, çünki deyirlər qız sizdən qorxur. R ü s t ə m (kənara). Bunlar hamısı hiylədir. (Çıxır.) S ə f ə r . Ağa, mələklər elə damın üstündə durublar? A x u n d. Əlbət, əlbət, ağayi Həmzəyi-Səlyaninin buyurduğuna görə, ta qurtarınca getməzlər. S ə f ə r . Ağa, məsələn, bəlkə belə yer oldu ki, damı olmadı. Məsələn, çöldə arvad birinə, bir mollaya, məsələn, sizə rast gəldi, sən də siğə elədin. Çöldə onda mələklər, dam yoxdur ki, hara yığılarlar! A x u n d. Bu barədə, ərz olsun qulluğuna, ağayi Həmzəyi-Səlyani yazır: məsəla, mən birinə çöldə rast gəldim. O mənə getməyə razı oldu və mən də siğə oxudum. Onda ağayi Həmzəyi-Səlyani buyurur ki, mələklər sallanarlar insanın saqqalından. S ə f ə r . Ağa! Bəlkə bu, arsız, qəmədiyəçi-zad oldu, yəni bığın, saqqalın qırxdİranlardan oldu. Onda hardan sallanarlar? A x u n d. Həqiqət, bu məsələ çox böyük məsələdir. Buna cavab verə bilmərəm, çünki bayaq ərz elədim: şəriət ki var, tük kimi bir şeydir. Bir az əydim, günahkar ollam. Bu sual gərək müctəhiddən soruşulsun. S ə f ə r . Ağa, mən də şəriət bilənəm ha… Çünki sözü deyən kimi əlüstü başa düşürəm. A x u n d. Bəli, bəli!.. Bu halda H ə m z ə, Camal və bir nəfər qız daxil olur. S ə f ə r . Bu qız evimizdə şimşad kimi idi. Amma indi, gör nə yastıyapalaq olub. (Baxır.) A-ha! Bu qız, boyda lap Qurbanın öz bacısına oxşayır. H ə m z ə. Hə! Cənab A x u n d, soruşun! A x u n d. Qızım, sən Q u r b a na getməyə razısan? Qı z . Bəli! Bu halda R ü s t ə m daxil olub qıza baxır. R ü s t ə m. Cənab A x u n d, bu mənkuhə qız deyil, onun əvəzində özgə qız gətirmişlər. A x u n d (Həmzəyə). Belə iş yaramaz! Sən… (Burada Həmzə pul qoyur döşəyin altına. R ü s t ə mə) Daha, o mənim borcum deyil, qız da şəhadət elədi. Daha artıq söz lazım deyil. İndi bayıra çıx!.. R ü s t ə m. Ağa, Allah xatiri üçün insaf edin, bizi bədbəxt etməyin! A x u n d. Məlun Fasiq! Mənimlən mala şərik deyilsən ki, çıx evimdən bayıra, yoxsa, güc ilə çıxardaram. R ü s t ə m. Cənab A x u n d, namərbut söyləməyin! A x u n d. Allah xatirinə bu babini çıxardın bayıra. R ü s t ə m. Ədnalar. Mən sizə göstərərəm. (Çıxır.) H ə m z ə. Bu sözlərlə bizi qorxuzmaq istəyir. Əgər sabahdan artıq sağ qaldı, mənim üzümə tüpürün. O indi mənim üstümə qışqırsın… (Durub gedirlər.) A x u n d. Allah mübarək eləsin. (Səfər kəllə qəndi çiyninə qoyub çıxmaq istəyir.) Adə, onu hara aparırsan? S ə f ə r . Nəyi? A x u n d. Əlindəkini. S ə f ə r . Bu öz çubuğumdur, səninki deyil! A x u n d. Çubuğu ərz eləmirəm. S ə f ə r . Bəs nəyi? A x u n d. Adə, belə şirnini, belə kəlləni, bildin! S ə f ə r . Əvvəldən bilirdim. Daha pul almışsan, bir də kəlləni istəyirsən. Bəs mənim balalarım acından qırılsınlar? Xudahafiz! (Qaçır.) A x u n d. Adə, haramzada, dayan! (Gedir dalınca, sonra gəlir.) R ü s t ə m (daxil olur, əlində bir tapança). Gediblər! Yoxdurlar! İndicə taparam, sizin tamahkarlığınız və xilaf-şər iş görməyiniz və onların zalımlıqları məni həyatdan usandırdı. Mən səbr eləyib, xoşluqla keçəcəyini gözlədim! Olmadı. Artıq cana doydum. Sənə, sənə, bivicdan, mən dəyməyirəm, şəriət sahibi özü səndən intiqam alar. Amma onlardan mən intiqam alacağam. Yox! Mən dəxi bu zülmə tab gətirə bilmərəm. Bundan sonra ləziz təamlar mənə zəhər, gözəl bağlarbağçalar mənə zindan olacaq. Mən dəxi bu biarlığı daşıya bilmərəm. Mən o qədər bivəfa və biar deyiləm ki, həyatını mənim yolumda fəda etməyə hazır olan cannisar və vəfalı bir məşuqəmi zalımlar əlində buraxıb gedim. Yox, olmaz! Daha asudə yaşamaq zamanı keçdi. Mən bu cür yaşamağı arzu etmirəm. Bundan sonra mən canalıcı cəllada dönməliyəm… Ya rəbbi, cövrü zülmi-ədudən usanmışam, Zalımların cəfası alıbdır dəvamımı! Beylə həyatı istəmirəm, ölməmiş fəqət Allam yədi-zuri əlimlə intiqamımı! Pərdə * * * Dördüncü məclis Vaqe olur birinci məclisdəki otaqda, lakin gəlin üçün bəzənibdir. Bir kravat üstündə rəxtxab. S ə r i y y ə oturub, M ə h ə r r ə m daxil olur. M ə h ə r r ə m. Bunlarda xəta var, qanları qaynayır. Bilirəm burada fövqəladə bir iş… Ah, bədbəxt qız! Səni azad etməyə məndə iqtidar yoxdur ki, bari az da olsa sənə kömək edim. (Tapançanın gülləsini boşaldıb gedir.) S ə r iy yə. Ah, dünya! İllər ilə ürəyimdə bəslədiyim şirin-şirin ümidləri məhv etmək istəyirlər, amma, heyhat, əbəsdir, ta mən ölməyincə onlar istədiklərinə çatmazlar. H ə m z ə və Çimnaz daxil olurlar. H ə m z ə. Yenə nə danışırsan? Çimn a z . Neçün ağlayırsan? S ə r i y y ə . Mən Q u r b a na getmirəm! Ay baba, mənə mərhəmət et. Məni azad elə, Allah xatiri üçün, mənim bir kəsim yoxdur. H ə m z ə. Səsini kəs! Həyasız! Hərgah bir də danışsan, səni doğratdırmayan lap kafir, mürtəddir. Bax, bu saat Q u r b a n bura gələcək, tapşırmışam, onda bir kəlmə o yan bu yana danışsan, səni öldürməmiş yanıma gəlməsin. Yox, sən bizimlə inad yeritmək istəyirsən. Çi m n a z . İnadına-zadına bax! Səni bir dərdə saldırım ki. Yox, böyüklərindən mən nə gördüm ki, kiçiklərindən sən nə görəsən! Şir kimi dayım oğlu durub, səni itin birinə verəcəyəm! Demişəm, qoy o öldürsün! Özüm gedib şahid duraram ki, sən özün-özünü öldürmüşsən! Ya heç kəs bilməmiş, aparıb qoyaram səni qəbrə, gələrəm. S ə r i y y ə (anasının ayaqlarına yıxılır). Ay ana! İtdir, hər nədirsə, mənim ürəyim onu sevir, mənim gözüm onu tutub, mən ona aşiqəm, mən onu sevirəm, sən məni ona ver, qoy mən gün görmüyüm. Ah! Ana, ana, ana! Barı sən, sən rəhm et! Çi m n a z (onu itələyir). Rədd ol burdan! Həyasız! (Gedirlər.) S ə r i y y ə (durub onun dalınca). Get, get! Alçaq qadın, xain! Sən məndən ötrü ər bəyənmişsən! Hüsniyyə daxil olur. Hü s n i y y ə . Səriyyə, sənə nə olub? Nə üçün ağlayırsan? Mən sənin kitabını gətirmişdim, evinizə getdim, dedilər ki, buradasan, mən də bura gəldim. S ə r i y y ə . Ah! Hüsniyyə, mən kitabı istəmirəm. Apar, o kitabı sənə yadigar verirəm. Mən bir saatdan sonra öləcəyəm. Məni halal elə, doqquz il səninlə bir məktəbdə bacılıq etmişəm. H ü s n i y y ə . Səni kim və nə səbəbə öldürəcək? Nə deyirsən?(Qulağına söz deyir.) Bəs Rüstəm hanı? S ə r i y y ə . Ay Hüsniyyə! Rüstəm də bir tək adamdır, nə eləsin! Amma bu zalımlar çox! Ah, Hüsniyyə, sən gedəcəksən, Rüstəmə de, məni halal eləsin. Mən dəxi onu görə bilmərəm. (Onu qucaqlayır.) Əlvida, bacım, axırıncı dəfə ayrılmağımızdır. Hüsniyyə gedir, Səriyyə xəncəri götürür. Q u r b a n daxil olur. Q u r b a n. Salaməleyküm! S ə r i y y ə (ağlaya-ağlaya). Əleyküməssalam! Q u r b a n. Ağlama! Məgər R ü s t ə m məndən artıq cayıldır? Elə oğlanların palan başı əllisini döyərəm. Pul istəsən, məndə! Mal istəsən, məndə! İgidlik istəsən, məndə! Adam öldürməklik desən, məndə! Oğurluq-doğruluq desən, məndə! Daha onun nəyi məndən yaxşıdır ki, bir belə ağlayırsan? Otur, oyna, gül, danış; adam axmaq olmaz! Elə oğlanların onun tutub baş-başa vurram, başı partlar. S ə r i y y ə . Q u r b a n, sən cavansan, mənə rəhm et! Mənim bir kəsim yoxdur. Sən məni azad et, çünki mən R ü s t ə mi sevirəm. Q u r b a n. Necə? Nə dedin? Yenə R ü s t ə min sözünü danışırsan? H ə m z ə (Qurbana baxır). Bax, hərgah iş oyan-buyan oldu, öldür… cəhənnəmə… O arvadlığı ilə bir belə kişi ilə inad yeritsin? Sallıq bir kisəyə, gecə aparıb tullarıq şəhərin kənarına və bu işi də salarıq Rüstəmin boynuna. Qorxma, oğul! Q u r b a n. A kişi, nədən qorxuram? Şir kimi Əli Səttarı öldürəndə qorxmadım? İndi bir qız üçün qorxacağam? H ə m z ə. Ya gərək onu bu gün öldürəsən, ya həmişəlik lal edib oturdasan. (Gedir.) S ə r i y y ə . İlahi, indi ölməyim yəqindir! Q u r b a n (oturur). Səriyyə bura gəl! (S ə r i y y ə ağlayır.) Ağlama sənə deyirəm. (S ə r i y y ə ağlayır.) Ovqatımı təlx eləmə! Ay qız, bəsdir; qulağımız dəng oldu. Allahü əkbər, acığımı çıxardır ha! (Gedir üstünə.) Ay qız, sənə demirəm dur bura gəl? M ə h ə r r ə m daxil olur. M ə h ə r r ə m. Qurban, qardaş, neçün belə pislik eləyirsən? Bu hələ həyatınızın ibtidasıdır belə lənglik ilə gedir. Bəs gələcəkdə nə tövr olacaq? Q u r b a n. Gələcəkdə bax, o cür. (Tapançanı göstərir.) M ə h ə r r ə m. Qardaş, neçün özünü və o məsum balanı bədbəxt edirsən? Mən eşidirdim, atam sənə deyirdi ki, qızı öldür! Neçün? Q u r b a n. Sən mənim üçün vəkil deyilsən! Bayıra çıx! Sənin nə ixtiyarın var mənim otağıma gəlmişsən? M ə h ə r r ə m. Qardaş, Allaha bax, ona rəhm elə! Q u r b a n. Sənə deyirəm, çıx bayıra, yoxsa. (M ə h ə r r ə mi itələyir bayıra.) Ay qız, qanımı qaraltma, dur bura gəl! Sənə deyirəm, dur bura gəl. (S ə r i y y ənin qolundan tutub sürüyür. Hüsniyyə baxıb gedir.) S ə r i y y ə . Burax! Dəli, biinsaf, bimürvət! Mən hərgah Rüstəmə aşiq olmasam da, sənin kimi vicdansızla yaşamağı özümə ar bilirəm. Bir insan ki, oğurluqla, adam öldürməklə fəxr edə, vəhşilik ilə iftixar edə, mən sadə ürəkli bir qız onunla yaşamağı özümə həqarət bilirəm! Alçaq! Zalım! Vəhşi! Öldür məni, daha mən ölümdən qorxmuram. Mən belə həyatı arzu etmirəm. Sənin kimi vəhşi, quldur, bihəya, binamusla yaşamaqdansa, ölüm, ölüm gözəldir. Q u r b a n. O sözləri mənə deyirsən? S ə r i y y ə . Bəli! Sənə, sənin kimi vicdansızlara! Q u r b a n. Mən dəxi sənin kimi arvadı istəmirəm. Əjdaha kimi igidlər mənim qabağımda qorxudan titrəyirlər. İndi sən mənə belə sözlər deyirsən? (Yüyürür tapança üstünə.) S ə r i y y ə . Mən ölümdən qorxmuram. Əlvida, ey sevgilim Rüstəm! Burada S ə r i y y ə qəşş edir. Q u r b a n iki dəfə tapançanı atır. Lakin açılmır. Tapançanı yerə atıb, mıxdan xəncəri götürür. S ə r i y y ə n i vurmaq istədikdə R ü s t ə m daxil olub göydə xəncəri tutur. R ü s t ə m. Dayan, zalım oğlu, nə qayırırsan? Q u r b a n. Burax, kimdir məni tutan? Qışqırığa H ə m z ə, Çimnaz, Camal daxil olurlar. Çimnaz və Həmzə Rüstəmin tapançasını dartırlar. Rüstəm buraxmır. H ə m z ə. Adə, Camal, yeri, xəncəri götür. Camal xəncəri götürüb S ə r i y y ə n i vurmaq istədikdə R ü s t ə m yeriyib yerdəki xəncəri Camala endirmək istəyir. Bu halda Q u r b a n durub Rüstəmin tapançasını götürür. Q u r b a n. Qoy əvvəl bu həyasızı vurum. H ə m z ə. Adə, vur də. P r i s t a v və i k i kazak daxil olur. P r i s t a v . Dayanın! Nə qayırırsınız? Hamısının əli göydə durub dayanırlar. P r i s t a v . Bu nə hadisədir? H ə m z ə. A, a, ay ağa, vallah bu oğlan evimizə oğurluğa gəlib; bizi öldürmək istəyir, odur qızı vurub öldürüb. Hü s n i y y ə . S ə r i y y ə, gözəl bacım, məgər səni öldürüblər? Yox, ölməyib. P r i s t a v . Qızı kim vurub? H ə m z ə. Vallah, billah, bu bizə oğurluğa gəlmişdi. Qızımı da öldürüb. P r i s t a v . A kişi, yalandan nə üçün and içirsən? Qızı o (Qurbanı göstərir.) vurmaq istəyirdi ki… H ə m z ə. Yox, imanım, dinim haqqı o qoymurdu qızı öldürsünlər. Bu halda S ə r i y y ə yavaş-yavaş ayılır. Hü s n i y y ə . Kişi, bu oğlanmı o qızı öldürmək istəyirdi? H ə m z ə. Ay ağa! Balalarının başına dolanım, vallah, billah, getdiyim Beyt haqqı, iki nəfər şahidim var, istəyirsən gedim çağırım ki… P r i s t a v . Kəs səsini! Cinayətkarlığı bəs deyil, yalan da danışır! Yalan danışmağı bəs deyil, and da içir. S ə f ə r . And bir şey deyil ki! H ə m z ə. Başına dönüm, ay ağa!.. P r i s t a v . Səsini kəs, bəsdir. Bağlayın bunların qollarını! S ə r i y y ə . Cənab pristav, məlumunuz olsun ki, cinayətkarların əvvəlincisi bu arvad, mənim anamdır. Çi m n a z . Başına dönüm, ay qız, bu vaxtımda məni qazamata göndərmə. S ə r i y y ə . Get, xain! Mən sənin qızın deyiləm! P r i s t a v . Sizin başınıza bir divan gətirim ki, özünüz mərhəba deyəsiniz. Yoxsa siz ədalət qanununu unutmuşsunuz nədir? M ə h ə r r ə m (daxil olur). Hə… Əleyküməssalam… Mən sizə demədim ki, belə iş eləməyin Allahın bəlasına gələrsiniz? Indi gedin, hərənizin belinə on iki il katorqa gələr, onda ağıllı olarsınız. H ə m z ə. M ə h ə r r ə m! Sən də gəl bizimlə gedək, çünki biz yaxşı urusi dilini bilmirik. M ə h ə r r ə m. Xeyr, bəndə məzurdur! Uşaq deyilsiniz ki, divandərə görməmişsiniz məgər? Canınız bu divanlarda çıxıb. P r i s t a v (Rüstəmə). Siz evinizə gedə bilərsiniz. (Məhərrəmə.) Bu ev də sənindir? M ə h ə r r ə m. Bəli! R ü s t ə m. Biz siz alicənabdan çox razıyıq, zira bizim hər ikimizi doğru ölümdən qurtardınız. P r i s t a v . Razılığınıza qarşı təşəkkür edirəm. (Kazaklara.) Hə… sürüyün bunları! (Getmək istədikdə.) S ə f ə r . Ay ağa, ay ağa! P r i s t a v . Adə , nə var? S ə f ə r . Ağama demək istəyirəm. (H ə m z əyə.) Ay ağa! Sən bayaq dedin ki, Rüstəmi də, Səriyyəni öldürərik, tullarıq. Əgər Rüstəm olmasa, Səriyyəni öldürərik, sonra iki nəfər şahid tutub hərəsinə üç manat verərik, gedib deyərlər ki, Səriyyə Rüstəm ilə gedib gəlməyib. İndi mən də deyirəm ki, üç manatı mənə ver, bir şahid məni elə. P r i s t a v . A! A! A! Dəlidən doğru xəbər. Qoçaq, gəl sən də bizimlə, məhkəmədə elə bu sözləri de. S ə f ə r . Nə eybi, gedim də. Hamı gedir. S ə r i y y ə (Məhərrəmə). Mən sizdən çox razıyam. Çünki siz mənim azad olmağıma çox çalışıbsınız. M ə h ə r r ə m. Təşəkkür edirəm! R ü s t ə m. Yaxşı, indi götür çarşabı biz də gedək. (Qapı ağzında.) Qoyma, ya rəbb, zalimi bir kimsəni xar etməyə! Bir kəsə zülm eləyib, dərdə giriftar etməyə! Pənceyi-zalimdən, ey rəbbim, qutar məzlumu sən, Qoy heç İsanı Yuda təneyi-zar etməyə! Pərdə * * * Kitabxana.az · https://kitabxana.az/collections/cabbarli-vefali-seriyye İctimai mülkiyyət (müəllifin vəfat ili: 1934). Public domain (author died 1934). Original text only.