Poemalar Əhməd Cavad (1892–1937) Sənin səsin, gözəl qız, Səslərin ən gözəli. Eşitmədim belə səs Dünyanı dinləyəli… Can alıb yüksəldikcə Avazın pərdə-pərdə Çox şeylər görən könlüm Yenidən düşdü dərdə. Bülbülün səsi kimi Qaynayır incə səsin. Sanki ömrüm uzanır Uzandıqca nəfəsin. Acımazsan könlümə, Zildən enərsən bəmə. Qız, yazığam bu dildə Dərdimi şərh eyləmə! Qız, qurbanmı istərsən İnlətdiyin bu səsə? Min dəfə ölsün canım Söyləməsin bir kəsə. Qəbul et qurbanımı, Susma, Allah eşqinə. Bundan sonra mənimçün Yaşamaq nə, ölmək nə?! Hər nəfəsin bir ayə, Vəhyi-müqəddəs kimi! Dünyada nemətmi var Bu səndəki səs kimi? Heç birinin lütfündən Tapılmaz ki, bir payı. Bilirəm ki, dərdindən Ölənlərin yox sayı. Qız, bu küskün könlümü Bircə sənsən güldürən. Sənsən məni dirildən, Sənsən məni öldürən. Məftunam mən səsinin Bülluri axışma! Məftunam gözlərinin Atəşin baxışına!.. Sənin incə səsində Dalğalanan nəşəyə! Qurşandım sitayişə "Nəfxeyi-rəbbim" deyə! İndi şübhəm qalmadı: Səsindəki qəhqəhə - Doğrudan cəlb edərmiş Sufini eşqilahə! Səsindəki sirri mən Gedib sordum dərvişə. O məndən daha əvvəl Heyran imiş bu işə!.. Bildinmi, bilmədinmi? Açmadı sirr Allahı; Dedi: "Haqqın cilvəsi Görünür gahi-gahi! Sirri-həqq hakim olmuş Ta əvvəldən hər yerə! Hər qövmin imanı var Bir səsli peyğəmbərə! Çoxdandır anlaşılmış Bu sirr Fərat boyunda. Axtarırmış o sirri Kür-Arazın suyunda. Əskilər onu sormuş Ağsaqqal ərənlərə; Haqq nuru, haqq sirrini Qəlbilə görənlərə. Demişlər ki, birinci Gözəllik qız səsidir, Gözəl qızda gözəl səs Bu haqqın cilvəsidir! Hər dinin əsli nədir? - Qaibdən gələn bir səs! Biçarə insanlığın Dərdini bilən bir səs! Bir çox gözəl qızların Büllur kimi səsləri Azmı xilas eyləmiş Ölümdən bikəsləri?.. Oxudum tarixlərdə: Qaniçən bir hökmdar Bir ölkəni amansız Eyləmişdir tari-mar! Altı aydan çox sürən Qanlı bir mühasirə, Tutulmuşdu çox acı Basqına birdən-birə! Yüz minlərlə atılan Can yağısı oxları, Dişlərilə çeynəyib Sərilmişdi çoxları. Doğranmış əllərindo Qırıq qılınc qəbzəsi, Boğulmuşdu köksündə İgidlərin son səsi. Yurdunu verməyənlər Doğranmışdı xınchaxınc. Tökülmüşdü yerlərə Dağ kimi qalxan, qılınc! O yanda qanlı gövdə, Bu yanda gövdəsiz baş… Bir qafa çığlamışdı Hər qəzadan enən daş. Yüz minlərlə qız, qadın Dağılmışdı düzlərə. Ölüm rəngi çökmüşdü Saralan üz-gözlərə. Cənnət kimi bir ölkə Məzarlığa dönmüşdü. Bir çox evlər yıxılıb Xanimanlar sönmüşdü. İşlənməmiş qalmadı Bir cinayət, bir günah. Əzmişdi insanlığı Ordusuyla padişah. Haqsızlıq oldu qanun, Yıxıldı xanimanlar. Hər şeydən xəbərsizkən Yandırıldı çox canlar. Qalmadı ağızlarda Yaşamağın heç dadı. Bir çox yazıq quşların Qoparıldı qanadı. Əsgərsiz komandanlar Qırıb atdı yayını, Fələk döndərdi zəhrə Bu ölkənin payını. Gülmək zatən yox idi. Ağlamaq oldu yasaq. Zavallı məğlub ölkə, Sana nə hüquq, nə haqq!.. Ertəsi gün çox erkən Yuyuldu qaldırımlar. Şallaqla güldürüldü, Hıçqırıqla bir diyar. Yuyuldu divarlara Sıçramış qan ləkəsi. Vay səsi susduruldu. Əmr edildi toy sosi. Haqqı yoxdu kimsənin Söz deyib, dərd açmaya. Bəzənib çıxmalıydı Gələnlər ağlaşmaya. Döndü, oldu qəhqəhə Qan qusan hıçqırıqlar. Çiçək səpəcək oldu Bütün qəlbiqırıqlar. Qan içən padişaha Hazırlandı istiqbal: - Çıxmalısan qarşıya, İstəyir öl, istər qal!.. Elə bil olmamışdı Dünənki keşməkeş də, Çıxdı güləş üzüylə O bəxtəvər günəş də! "Mənim də qanlı, qansız Ciləlerim var!" deyə Çıxdı dərin göylərə, Sıçrayaraq üzməyə. Yüksəldikcə göylərin Sakit gəzən sultanı; Qaranlığın qalmadı Dodaqlarında qanı. Çaşdığından əvvəlcə Buludlar da qızardı. - Dünən buludların da Çox dönük rəngi vardı! - Bir az sonra onlar da Əkildilər, getdilər. Yerdə qalan buludlar Matəmi tərk etdilər. Kimdir bu sultan deyə Sordular bir-birindən; Eşidincə adını Ah çəkdilər dərindən. Ağardılar qorxudan, Çəkildilər dağlara; Sırmalı bəxtəvər də Qonaq gəldi bağlara. Bilmirəm gördünüzmü Sabah vaxtı çiçəklər; Çıxınca çaşqın günəş, Nə dadlı mahnı söylər?! Bu qıldıqsız günəşin Sehr var baxışında. Bir kərə göründümü Göz yaşı axışında; Çiçəkli kirpiyində Yaşdan əsər qalmayır, Qaşqabaqlı buluddan Bir salam da almayır… Nəşədən hallanırlar… İçirlər zövqü incə… Çiçəklərdə dadə vardır, Ta qaranlıq gəlincə… - Ömürdəndir bir gün də, Ey çiçək, sevin, haydı! - Ya batmayaydı Günəş, Ya çiçək olmayaydı!.. - Bir də ki, bu həyatda Günəşmi yalnız batan? Az qaldı deyəcəkdim Bütün həyat bir yalan!.. - Həyat yalan olsaydı, Bir coşqun çiçəklər nə?.. Yox, bir günlük də olsa Həyat həyatdır yenə!.. Dünən bir nişan yoxkən Bağda səsdən, səmirdən. Enincə dağdan Günəş Quşlar da coşdu birdən. Qarışdı qaqqıltılar Büllur səsli cəhcəhə; Yüksəldi hər budaqdan Bir nazənin qəhqəhə!.. Sanki birdən çalındı Qumrov, kaman, nayla ney, Doldu şirin səslərlə Kölgəli bağ, boz güney… Məgər bəzən həyatla Ölüm qardaş olurmuş: Uçuşurdu yanaşı Göyərçinlə qızılquş!.. Qorxmadan üzə çıxdı Eldən qaçan qırqovul. Yumuşaldı ürəklər Qalmadı şeytan, çuğul… Zalımın bəxti üstün Məzlumların ahından; Quşlar nə gözləyirdi Ölüm padişahından!? Quşlar da, bax, gözəl qız, Coşdu o gün sənin tək; Onlar da sərdi, durdu Yollara səsdən ipək. Bütün şəhər silkinib… Əsər qoymadı pasdan, Dünənki matəm hanı? Doğrudan çıxdı yasdan. Düşmən şalım gəlişi Qanuni bayram oldu. Bir çox dərdli ürəklər, Qanlı sevinclə doldu. Qəribə şeydir insan: Al əlindən canını, İstəyirsən ovucla Hortlat axan qanını. Qoparıb əz qəlbini Əylən çırpınmasilə, Sürükləyib yerlərdə Beyninin bağasilə, Heç baxma, istəyirsən Saflığa, günaha əs; Bir yırtıcı cəllad ol, Doğra parça-parça, kəs. Qadınsa, tut, boğ onun Qan qusan fəryadını, Qoy çıxarsın yadından Sevdiyinin adını. Qızsa, atın döşündə Ləhlət gün qızmarında. Gəlinsə hərraca qoy Əsirlər bazarında. Sonra çəkil, uzaqdan Məğrur baxışla bir bax! Görəcəksən ölənlər Baldırında bağırsaq: Sənin qanlı əlində Bitməz qüvvət var deyə, Hazırdır bağışlayıb Dadsız-dadsız gülməyə. Bu yoxsul insanları Qırdırdmmı bir kərə, Qəhrəman olacaqsan, Düşəcəksən dillərə. Keçmişdə coşmayırdı Məzlumun qanlı kini; O zamanlar güc idi Xalqın yeganə dini. Səyirdərək darğalar Sağa-sola atını, Seçdilər əhalinin Yoxsulunu, tatını; "Şah keçəcək yolları Kirlətməsinlər" deyə, Yolçularla yanaşı Qovdular dal cərgəyə. Ordu tirəndazları Girdilər ellik bağa, Çalışdılar qalmasın Ağacda bircə qarğa. Saçaqlı xalılarla Bəzəndi bağlı çarşı, Bayraqlı minarələr Yüksəldi göyə qarşı, Kəlisa qülləsində Çalmdı zorba çanlar. Az qaldı deyəcəkdim Mədən də zordan anlar. Danqırtıyla ötdü çan, Hazırlandı baş keşiş; Məscid həyətində də Eyniylə canlandı iş; Danışdı şişman xoca Üç saatdan yuxarı, Hazır qıldı beyətə Mömün müsəlmanları. Xaçilə keşiş çıxdı Məshəfılə şeyxana; Çıxdılar istiqbala Xaçla məshəf yan-yana. Əllərində sür təsbeh, Gümüşlü buxurdanlar, Nazlanaraq səkirdi Haqqdan qaçan insanlar. Damağı çağ, kefi kök, Qamı tox tacirbaşı Dingildəyib gedirdi Şeyxlərlə yanaşı. İnsan əlindən yerə Düşməzdi iynə atsan; Yalnız küçələr deyil, Evlər gətirdi insan. Dırmaşmışdı uşaqlar Mazqallı divarlara. Boylanıb dururdular Ürkək, zəif, avara!.. Dam üstündə qızlarm Solğun dodaqlannda, Boylanan gəlinlərin İslaq yanaqlarında Solan hüznün yerində İndi vardır bir maraq. Nə çiçəklər yetirir Bu qan qoxulu torpaq! Sayılırkən əvvəldən Bir ölkənin pənahı, Qarışmışdı xalqma Ölkənin məğlub şahı. Şahın bu gün ağır daş Asılmışdı boynundan, Çıxmayırdı əlləri Xələtinin qoynundan. Keçən gündə edərkən O, Allah iddiası, İndi bu son cəlala Kəsildi, durdu ası. Gir yerə, ey padişah! Sənin bu boş başmdan Nələr çəkdi məmləkət Bir soruş göz yaşmdan. Açıldı bayraqlar, Çalındı boru; Fələk görməmişdi Bu vurhavuru. Toz ərşə dayandı, Göy dumanlandı; Torpaq şaha qalxdı, Toz da canlandı. Qıvrıla-qıvrıla Boz bir əjdaha; Gəlirdi salama, Büzülmüş şaha. Böyüdü, canlandı Donuq nöqtələr… — Onlar atlılardır, Nöqtə nə gəzər; Bir az yaxşı dinlə, Hey qıya bir bax? Dördnala gəlirlər Atlar çaparaq! Düşmənin də olsa Bax, bir az əylən. Özləri igiddir, Atları köhlən. Olunca kefm kök, Yollar da həmvar. Qızışmış atlarda Başqa ləzzət var! O gün doğrudan da Coşmuşdu atlar. Uçaraq yetişdi Qırx, əlli çapar. Yanaşıb ədəblə El qarğamı şa; Dedilər yoldadır Gərdüneyi-şah. Qaçdı məğlub şahın Bəti-bənizi, Coşdu, dalğalandı İnsan dənizi. İstidən bayıla, Dərddən boğula; Birdən bütün başlar Çevrildi yola. Gözlər qıyılaraq Qaşlar çatıldı. Qələnin bürcündə Toplar atıldı. Bəzəkli qurbanlar Sərildi yerə. Parladı bıçaqlar Tək bircə kərə… Əvvəl bir sızıltı… Sonra təpinmə… — Dinmə, yazıq heyvan, Ölsən də, dinmə! Çevrilmiş gözünlə Yollara bir bax: Bu gələn gərdunə Uğursuz qonaq; Bilirsənmi, qan!.. Heyvan qanı içər, İçməyə qan istər, Olmasa insan. Bax belə alqışla, Çırpınıb dur da… Sənin də payın var Bu vurhavurda! Belə bir cəlalı Görməmisən sən; Qabaqda Qıratın Üstündə gələn, O seyrək saqqallı, Buxağı salla; Yeddi tuğ ardınca Gələn cəlalla; O qanlı şərabdan Doymayan Xaqan. Səndən qan istəyir, Bilirsənmi, qan!.. Nodənsə qatilləri Boğmayırmış göz yaşı… Gəldi uğursuz Xaqan, Əyildi xalqın başı. Baxaraq azğın-azğın Qan daman gözlərdə, Ürəkdən məğlub şahın Əyləndi sözlərdə. Qalxdı başlar səcdədən, Başlandı çirkin hesab. Dodaqlar üzəngidə - Öpüldü çaxçur, corab. Samur kürkün ətəyi Öpüldükcə marçamarç; Ayini təqdis etdi Məshəf ilə qızıl xaç. Nə fitvalar çıxardı Acgözlü yaltaq xoca! Keşiş də xaç çevirdi Yalan qusdu bolluca. Din bir çəkuzandısa, Həm uzanır, bükülür; Həm qaynar qətran olur, Boğazlara tökülür. Sehrli bir halı var, Haqq çıxarır yalandan. Yeni bir fitva tapır Hər olandan-qalandan… Qalmadı dal cərgədə Burda da tacirbaşı. Keşiş, xoca, bir yerdə Durmuşdular yanaşı. Əslisi gəldi sanki Bağrı yanıq Kərəmin. Edilən dualara Ürəkdən dedi: "Amin!" Ağsaqqallı bir qoca Bir ehtişam əsiri; Uğursuz hökmdarın Beş tuğlu baş vəziri - Yetirdi məğlub şaha Buyruğunu Xaqanın: "Malın, mülkün bizimdir, Amanda, ancaq canın. Qarşı çıxdın Xaqana, Tutmadı, söndü baxtın. Qılınc çaldıq, qazandıq, Bizimdir tac və taxtın". "Yaşasın", bağırtısı Qopunca hər bir yandan, Hərəkət əmri verdi Lələkli baş komandan. Dal qılınc rikabdarlar Yarıb keçdi irəli. Yol açdı gərdunəyə Bağrışaraq sərsəri. Beləcə əski parça Bir çırtmayla atıldı; Bütün bu ölkə xalqı Çox ucuzca satıldı. Qaldı bütün kənarda Can verənlər, ölənlər. Satışı təsdiq etdi Tox qarınla gülənlər. Axşam çökdü şəhərə, Bir südlü, aylı axşam. Çoxlu xəbər gətirdi Şivənli, vaylı axşam… Ürkək gəzən kölgələr Qorxurkən bir-birindən, Göz vurdu yıldızlar da Göylərin kəfkirindən. Hıçqırdı yer bu doğru, Bir bax ki, göy nə hayda? Solğun dodaqla güldü Hər dərdə solğun ay da… Ondan gözəl bu zülmü Bir can ki, görməmişdi. Qırğında fırlanarkən Ay sanki görməmişdi… Aydan cavab almalı Ac, kimsəsiz qalanlar… Çaş-baş olub baxırdı Aydan soraq alanlar… Axşam düşüncə susdu Öz yoxluğilə Allah. Allah yerində qaldı Töyşüklü bir yanıq ah!.. Yoxsullar boğulurkən Bu qanlı, yaslı vayda, Xaqan dalmışdı eyşə Bağlardakı sarayda. Mərmər sütunlu qəsrin Sarmaşıqlı eyvanı; Çıraqlarla bəzənmiş Nurladırdı hər yanı. Çiçəkli köşkü axşam Bəzətmişdi əski şah. Xaqan demişdi: "İndi Kef etməmək bir günah. Mənim sadiq vəzirim, Gəl, gəl baxaq hesaba: Vəzirimin saqqalı Boyansın bir şəraba!" Gül əndamlı saqilər Dad qatınca kəlamə. Yaşıl çarşaf sərvlər Dikildilər səlamə. Uçuşdu rəqqasələr Baş vəzir əl çalınca. Mərmər döşləri üryan Baldırlar da yalınca… Atıldı nazlı qızlar, Töküldü tellər üzə. Min yerdən "can!" deyildi Hər axan süzgün gözə… Gülərkən gül üzlü qız, Minalı, güllü qabda; Büllur əyaqda coşdu Dünya görən şərab da. Dumanlandı beyinlər, Süzüldü gözlər tamam. Əl-ayaqlar göynədi, Əzildi sözlər tamam. Çıxardı sanki yaddan Axıtdığı qanları; Səvərdi sayqısızca Orda komandanları. Xumarlandı gözləri Çıplaq qadınların da. Sərildilər yerlərə Xaqanın yanlarında. Yüksəldi hər tərəfdən Şəhvətli, kirli səslər; Alınlarda dolandı Ölüm iyli nəfəslər… Göründü şəhvət açıq Xaqanın sözlərində; Ədəbsizlik qabardı Bərəlmiş gözlərində… Qaçışın, yazıq qızlar, Boğsunlar, ölüm barı! Yox, ölüm dadlı isə Oynayın, gülün barı! Bu axşam səs çıxarmaq Deyil həddi kimsənin. Günahın ondadır ki, Adm qadmdır sənin. Elə isə durmadan Dincəlmədən çal-çağır; Batdımı gözəl səsin, Bağır deyirlər, bağır!.. Ey süzən qumral qadın, Yazıqsan, süzmə belə! Qurtarış yoxdur sənə, Canını üzmə belə!.. Göstərdilər Xaqana, Kəsmə telli bir qızı; Dedilər ki, "bu Sara - Ölkəmizin yıldızı". Fərqi yox, qoy süzülsün, Baxsın belə dərindən; Nə anlar sərxoş baxış, Saranın gözlərindən!? Kim ki, Saranı gördü Çəkdi xeyli yanıq ah. Bir şey qanmadı ondan O qəlbi kor padişah. O qızıl gül damlayan Meyli dodaqlarında; Pənbə rəngi qızardan Pənbə yanaqlarında; Hər dəfə çağrılanda Ürkək gəlişlərində; Qorxusundan ağaran O incə dişlərində; Fikri dərinləşdirən Qıvırcıq saçlarında; Qüdrətin qələmiylə Çəkilmiş qaşlarında; Dolğun döşdən qabarmış Töyşüklü sinəsində; Dünyanı alt-üst edən Canlı, büllur səsində; Parlayan aləmləri Anlarım qan içənlər?! Nə bilir çiçək nədir. Kor gəlib, kor keçənlər?! Kar olanlar dünyanın Mənasız hay-huyundan; Nə anlardı Saranın Orta, oynaq boyundan?! Donuq bir şey göründü Duyğusuz padişaha; "Oxusun!" əmri çıxdı, Sara coşdu bir daha. Can verən sərxoş gecə Ölürkən yorğun, əzgin - Coşdu qızın səsində Ölkədə qaynayan kin. Boş yerə bir ölkənin Haqsızca axan qanı; Saranın dodağında Canlandı, oldu mahnı!.. Mən ki səndən doymamışdım, Quş qonmağa qoymamışdım, Bir almanı soymamışdım, Kim sənə kəc baxdı, bağlar?!. Darğınam mən belə baxta, Ürəyim qan laxta-laxta. Bax ki kimlər çıxdı taxta, Küsdü kimin baxtı, bağlar! Çıxmamış gün, atmamış dan, Qanlı bir toz qalxdı yoldan. Qoç igidlər oldu qoldan, Qanlı kəfən taxdı, bağlar! ... Sara susunca, xaqan Xırlayıb bağırdı: "Hey, Mən Saranın əlindən İstərəm bir qədəh mey!..” Bir oxla ayrılmışdı Sara nişanlısından. Düşündü: "İntiqam al Gəl onun qanlısından”. Arqunu görməmişdi Son nəfəsdə gülərkən. İndi görmək istədi Cəlladını ölərkən. Fırlatdı bir qəhqəhə, Çılğınca qalxdı birdən: "Arqun, sən olmadıqda Yaşayaram necə mən?! Arqun, yetiş, hardasan? Qaldır mənim qolumdan. Qurtarım öz yurdumu Həqarətdən, zülümdən!” ... Sara süzdü bir daha, Əlində gülgün qədəh. Rəqqasələr də qalxıb Başlayınca süzməyə; İti bir hərəkətlə Zəhər qatdı qız meyə. İndi onun halını Gücdür gətirmək dilə; Ürək çırpıntısından Çapqınlandı mey belə. Qadınlıq qorxusundan Yarıldı gülgün dodaq, Yanaşdı titrəyişlə Düşmən şaha bir sayaq; Qansız dodaqlarilə Öpdü şahın əlindən. "Buyursun padişahım!” Zorla çıxdı dilindən: -Sən çoxdan içməliydin Bu gülgün zəhri, ey şah. Şahmarı sağ buraxmaq, Öldürməmək bir günah! ... Şahı ölmüş görəndə Açılan gülgün səhər, Qarışdı məclis bütün, Qaçışdı rəqqasələr. ... Ayaqlandı bütün xalq Arvad, uşaq, qocalar... Çarpışdı son gücüylə, Düşmən oldu tari-mar Bir qızın hümmətilə... Gözəl qız, həmin ölkə Dustaqdan azad oldu. Sara adı xalq üçün Ən sevimli ad oldu... "Azadlıq” eşidincə Gülümsəmə belə şad; Saranın məmləkəti Köhnə mənada azad. Orda hər şey asılı Qan içən bir kraldan, Sor orda hürriyyəti Baftalı generaldan. Yoxsullar o ölkədə Özgəyə can vermədə. Hürriyyətin barını Tox qarınlar dərmədə. Sən ancaq istibdadın Eşitmişsən adını; Bax, alnımda izi var Görmüşəm mən dadını. Bir bu süzgün baxışla Gün düşən dağlara bax: Mən bu yaşıl dağlardan İllərcə düşdüm iraq! ... O qanlı günlər hara, Bugünkü günlər hara. Gözəl qız, yaxşı vaxtda Başladın gül açmağa; Bu gün sənin yurdunda Nə qul vardır, nə ağa! Sən bu sərbəst göylərin Sərbəstcə ulduzusan. Qayğısız bir ölkənin Qayğı bilməz qızısan. Sərbəstdir alnındakı Qıvrıcıq tellərin də. Sərbəstdir sənin kimi Gün görmüş ellərin də. Elə isə bir də coş, Səsin düşsün dağlara. Sən kimdən çəkinirsən? Qız hara, susmaq hara?! * * * Kitabxana.az · https://kitabxana.az/collections/cavad-poemalar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1937). Public domain (author died 1937). Original text only.