İblisin intiqamı Hüseyn Cavid (1882–1941) İblisin intiqamı Dram – 5 pərdə Əşxas İblis Arif – sülh aşiqi R ə’ n a – onun rəfiqəsi Sima – sülh pərisi... Zərif bir qız... Tuncər – tunc geyimli qəhrəman. (Spartak qiyafətli) Ema – şəfqət bacısı, şən və oynaq qız... (ispaniyalı) Kastilyo – Emanın nişanlısı... (ispaniyalı) Natella – gənc, həssas qadın... (ispaniyalı) Xalid – mərakeşli ərəb dəliqanlısı... GeneralMiaxa – xalq komandanı... (ispaniyalı) GeneralFranko – faşist komandanı... (ispaniyalı) Sovetnümayəndəsi –... Fransız, ingilis, italyan, yapon, alman nümayəndələri... Şeytanlar, qaraçılar, könüllü işçilər, şəfqət bacıları, yaralılar, İspaniya, Mərakeş, İtaliya, Almaniya zabitləri və əskərləri... Dürlü qiyafətli əməkçilər, rəqs edənlər, qara geyimlilər və başqaları... * * * İlk pərdə Yanda bir köşk... Qarşıda gül, yasəmən fidanları, sərv ağacları... Ortada fəvvarəli bir havuz... Arif bir masa yanında əli alnında uyquya dalmış. Gecə aydınlığı... Coşğun muzika... Şən və oynaq parçalar çalınır. Qızıl qiyafətli şeytanlar ağaclar arasından ortaya fırlar. Arifin çevrəsində gülüşərək, itişərək, çığırışıb bağırışaraq rəqs edərlər. Bir az sonra ətrafda qorqunc gümbürtülər eşidilməyə başlar. Birincişeytan. (şaşqın və maymunca hoplayışla). Aman, bu nə gurultudur? Sanki yanar dağ patlıyor. Görünür İblis oyandı. Yenə hər yanı atəşlər, alavlar saracaqdır. (Hava tutulur, göy gürlər, şimşəklər çaqar) İb lis. (atəşli qiyafətilə qarşıdakı təpəcikdən dışarı fırlar. Çılğın və qorqunc ahəng ilə). Eyvah, alavlar içində tutuşub yandım. Yenə ərzin mərkəzində yeni tufanlar, yeni yanğınlar var. Aman durmayın! Ürəyim, beynim dəmirçi kürəsinə dönmüş. Şərab gətirin! Şərab!.. Şərab!.. Öylə şərab ki, könlümə yeni alavlar saçsın, qarşımda yeni-yeni pəncərələr açsın. (Şeytanlar altın piyalələrdə şərab gətirirlər. İblis içib piyalələri atar. Ətrafdakılar havada tutarlar) Mənə Epikürləri, Xəyyamları coşduran şərab lazım deyil. Yalnız Atillaları, Neronları tutuşduran kəskin şərablardan istərəm. Əvət, öylə şərab istərəm ki, onu içərkən şair Dantenin sönməz cəhənnəmi gözlərimdə canlansın. Və o cəhənnəmdə yanıb qıvrılan böyük başlar, böyüklük düşgünü ulu dahilər yenidən qarşıma çıqsın. Həm də cümləsi alavlar içində çırpınaraq mənə sığınsın. Öylə şərab istərəm ki, insan qanilə bəslənmiş olsun. Hər dalğasında yeni bir zəfər, yeni bir qalibiyyət şö’ləsi parlasın və bütün cihanı qanlı tufanlara qərq etsin. (Bir piyalə də içər) Afərin! Afərin!.. Bu şərab daha meyxoş, daha kəskindir. (Piyaləni havaya fırlataraq). Haydı, əski yunan və Roma ilahələri, Şərq pəriləri gəlsin. Rəqs edərək gözləri, könülləri oqşasın. Bəlkə dəhşət püskürən beynimdəki sislər, dumanlar silinsin. Birincişeytan. (əyilərək). Şanlı və qüdrətli rəhbərimiz! Əsrimizdə pərilər və ilahələr, yaşamayır. Könlünüzü açmaq için yalnız gözəl aktrislər və rəqqasələr var. Bu sırada oynaq şərqi və çalğı səsləri eşidilir. İb lis. Söylənib durma, baq gör o nə səsdir? Birincişeytan. (iləriləyib yola baqaraq). Şən və gözəl qaraçılar! Bu tərəfə gəlirlər. İb lis. Gəlsinlər, bir az dinləyəlim. (Gəlib keçmək istəyən əlvan geyimli qaraçılara) Durun, keçməyin, çalın, oynayın. Bizi əyləndirin! Birqaraçı. Göz üstə, ba...ş üstə! (Yoldaşlarına) Haydı baqalım. Hamısı bir yerdə şərqi söylər, rəqs edərlər. Şərqi İnsan ömrü dalğa kibi keçər, gedər, Hər gələn bir sevgi yolu seçər, gedər. Dərdi bıraq, zevqinə baq, unutma ki, Hər kəs əcəl badəsini içər, gedər. Biz sevdalı quşlar kibi güldən-gülə Uçub qaçar, əylənərik sevinc ilə. Əyilmədik hiç bir qanun qarşısında, Bağlanmadıq hiç bir yurda, hiç bir elə. İb lis. Nə şaqraq və sevimli qızlar!.. Nə çevik dəliqanlılar!. Onların qara gözlərində mənim atəşimdən alınmış alav dalğacıqları parlayır. O süzgün baqışlar, o ədalı gülüşlər könlümün incə tellərini oynatdı. Alqış təbiətin şən yavrularına! Haydı azadsınız. Bir avuc altın atar, qaraçılar yerdən toplar. Sevinc ilə çalıb-oquyaraq uzaqlaşırlar. Gəliş muzikası... İb lis. Kimdir bu gələn? Birincişeytan. Yaponiya sularına gedən yoldaşlarımızdan biri! İk incişeytan (yapon siyasi qılığında gəlir). Səlam böyük rəisə, qocaman İblisə!.. İb lis. Xoş gəldin, hardaydın? İk incişeytan. Uzaq Şərqə vardım, imperatorlar və generallar mühitində dolaşdım, bütün gözlərə və beyinlərə kin və intiqam alavları saçdım. İb lis. Nə gördünsə açıq söylə! İk incişeytan. Yapon diplomatları hər gün yeni fitnələr uydurub qonşu hökumətlərə rahatlıq verməyir. Bir yandan Mancuriya ilə Moğolstana soqulur, bir yandan Çini parça-parça bölməyə çalışırlar. Minlərcə, yüz minlərcə insan qanı aqır, kimsə səsini çıqarmayır. Xalqın var-yoqu yanıb kül olur da, tüstüsü, dumanı çıqmayır. İb lis. Nə demək!? Hiç dumansız yanğın olurmu? Buna başqa hökumətlər nə deyir? İkincişeytan. Nə deyəcək, oğru oğrunun ayağını basarmı? Hamısı paylaşmaqda, av bölüşməkdə şərikdirlər. Yalnız ayaq altında əzilənlər, çörək yerinə torpaq yeyənlər, əlsiz-ayaqsız qadınlar və çocuqlar ara yerdə məhv olub gedirlər. İb lis. Onun zərəri yoq, daha nələr var? İk incişeytan. Mənim tədbirlərim baş tutarsa, o yerləri daha qorqunc yanğınlar və tufanlar saracaqdır. İb lis. Afərin, sən hər mükafata layiqsən. Gəliş muzikası... O kimdir? Birincişeytan. İtaliya və Həbəş diyarına gedən yoldaşımız!.. Üçüncüşeytan (İtaliya qiyafətində gəlir, əyilir). Səlam şanlı komandana! İb lis. Anlat səndə nə xəbərlər var? Üçüncüşeytan. Mən sosializm qabığından çıqmış faşizm beşiyinə vardım, Roma generallarına qoşuldum, pərəstişkarınız Mussolini ilə görüşdüm. Müqəddəs Papa ilə kral beynində yuva yapdım, bir kibritlə bütün başları alavlandırdım. Hamısı qan-qan deyə cahangirlik xülyasilə, əzəmət sevdasilə müharibəyə girişdilər, atəşli makinalarilə yerdən-göydən Həbəş ölkəsini yaqıb yıqdılar. Zəhərli qazlar ilə hər tərəfi dəhşətlər içində bıraqdılar. Yalnız insanlar deyil, böcəklər, quşlar, nəhrlərdəki timsahlar belə zəhərlənmiş, havalarda və sularda tələf oldular. İb lis. Həbəşlər nə yapdılar? Durub baqdılarmı? Üçüncüşeytan. Xayır, bütün qadın-erkək silaha sarıldılar, İtaliyanın azğın ordusilə qəhrəmanca vuruşdular. Lakin... çoq sürmədi ki... İb lis. Nələr oldu? Söylə! Üçüncüşeytan. Son texnikaya qarşı bütün cəsarətlər qırıldı, bütün cəbhələr yarıldı. Ərəb mücahidləri al qanlar içində can çəkişirkən Həbəş hökmdarı ölkəyi bıraqıb qaçdı. İb lis. Çoq gözəl, sonra? Üçüncüşeytan. Əlimdən gələn budur. Zəhmətim az olsa da, tökülən qanlar çoqdur. İb lis. Afərin! Hər ikinizdən məmnun oldum. (İkinci ilə üçüncünün çiyinlərinə əl çəkər, birinci ilə ətrafdakılara) Əcəba sizlər nə yapdınız? (Qızışaraq) Oh, içi boş dəyənəklər!.. Arsız köpəklər!.. Burada əsnəyə-əsnəyə yatıb uyquyamı qaldınız? Yeyibiçərək cünbüşəmi daldınız? Birincişeytan. Nə etməli. Bizdə günah yoq, bugünkü diplomatlar hiç də köhnələrə bənzəmir. Keçmişdə ufaq bir qıvılcım, küçük bir cinayət bütün cihanı bir-birinə qatardı, indi isə əksinədir. Hökumətlər hər söz ilə yerindən oynamaz. Hər kəs boş tüfəng daşıyan adamlar kibi həm özündən, həm özgəsindən qorqar. Diplomatlar bazaar dəllalları kibi söz güləşdirməkdən zevq alırlar. Hər ölkə öz başını qorumaq istər, hər devlət öz gələcəyindən şübhə edər. İb lis (qızıb bağırır). Yetər, başımı ağrıtma! Bir yığın bəcəriksiz hoppalarsınız. Böylə boş laqırtılardansa iş görməli, hər gün yeni fitnələr düşünüb yeni fırtınalar qoparmalı!.. Yoqsa cümləniz xain köpəklər kibi işdən qovulacaqsınız. Mənim səltənətim qansız yaramaz. Haydı, rədd olun, dağılın! Kimsəyə aman verməyin! Yaqın, yıqın! Yer yüzünü başdan-başa yanğın yerinə çevirin! Şeytanlar. İtaət (Deyə əyilib dağılmaq istərlər. Gəliş muzikası...) İb lis. Bu kimdir? Birincişeytan (yola baqar). Yeni bir yolçu! İb lis. Baqalım bu nə deyir? Dördüncüşeytan (İspaniya faşistləri qılığında gəlir, əyilir). Böyük ustaya müjdələr! İb lis. Söylə nə var, nə xəbər? Dördüncüşeytan. Ispaniya getdikcə qarışır. Hər könüldə kin və dəhşət, hər ağızda qan qoqusu var. Ölkə və xalq ikiyə bölünmüş. Bir yanda cümhuriyyətçilər ilə inqilabçılar, bir yanda faşizm generalları ilə qiyamçılar!.. (Öksürdükdən sonra) Lakin... İb lis (qızğın). Lakin!.. Lakin!.. O nə deməkdir? Dördüncüşeytan. Biz faşistlərə yardım etməsək yanğın tez sönəcək. Getdikcə artan xalq ordusu üstün gələcəkdir. İb lis. Sus, başarıqsız yaramaz! Ona bir çarə bulunmadımı? Dördüncüşeytan. Əlimdən gələni əsirgəmədim. Tək əldən səs çıqmaz. İb lis (şat! – deyə yüzünə bir sillə vurur). Al iştə baq, çıqarmı? Çıqmazmı? Dördüncüşeytan. Uf yüzüm yandı, gözlərim alavlandı. Sanki bu da bir mükafatmı? İb lis. Mükafat ancaq yenilməz və dönməzlər içindir. Dördüncüşeytan (titrək səslə). Əvət haqlısınız. İb lis (birinci şeytanın qulağından çəkərək). Bəhey! Sərsəm! Birincişeytan (bağırıb hoplar). Vay aman! İb lis. Məni dinlə! Böylə boş-boşuna baqıb durmaq yaramaz. Haydı sən alman toprağına var. (Üçüncüyə) Sən də İtaliyaya dön! Hər ikiniz siyasi dairələri ayaqlandırın. (Dördüncü şeytanı göstərir) Həm də bu şaşqın tənbələ yardım edin. Hərikisi. İtaət! (Deyə yoldaşları ilə bərabər uzaqlaşırlar) İb lis. Unutmayın ki, yaramaz və gevşəklərin yeri cəhənnəmin dib bucağıdır. Arif (ayılır. Əlini alnından çəkər. Ağaclar arqasında saqlanan İblisi görməyərək həyəcanlar içində yerindən qalqar). Uf, ey mənim alavlı beynim! Sən vulkanlar içindəmi bəsləndin? Ey yaralı quş kibi çırpınan qəlbim! Sən qızıl mərmərdənmi yapıldın? Ey mənim həssas sinirlərim! Ey həyatımın incə telləri! Siz nə qadar qatı və duyğusuzsunuz. Əcəba sizi dəmirdənmi, poladdanmı yaratdılar? Uuf, bilməm ki mən bu cihana niçin gəldim? Göz yaşlarını silmək içinmi? Yanğınları söndürmək içinmi? Oh, nə alçaq mühit, nə qorqunc əsr!.. Əcəba mədəniyyət maskasında gizlənən vəhşilər nə zaman qan içməkdən doyacaqlar? Çin və Həbəşistan fəlakətləri bitməmişkən İspaniya dəhşətləri başlayır. Diplomatlar zəhər püskürən ilanlar kibi ölkədən-ölkəyə soqulur. İnsan qanı aqıtmaq için hər gün yeni bəhanələr, yeni fitnələr uydurulur. Daimi sülhü özləyə-özləyə hər gün hərbi zavodlar tikilir. Suçsuz və dinc əhaliyi qırmaq için hər gün yeni planlar çəkilir. İb lis (ağaclıqdan çıqar. Kinayəli qəhqəhə ilə). Arif! Zavallı Arif! Sən yenəmi uslanmadın?! Yenəmi hissiyyata qapıldın? Unutma ki, insanları yeniləşdirib canlandıran ancaq müharibədir. Arif. Yalan!.. Bu vəsvəsələr faşizm düşüncələrində parlayan qara şimşəklərdir. İb lis. Saqın, coşub-daşma! Daimi sülh arzusu yaldızlı xülyadan başqa bir şey deyil. İsa devri çoqdan keçmiş. Mərhəmət fəlsəfəsi bu gün için büsbütün yıpranmış və çürümüşdür. Arif. Mən qan içənlərə nifrət bəslərəm. İb lis. Halbuki qan aqması hər zaman insanlara zərər verməz. Bə’zən də səhhət və şəfa vasitəsi olur. Arif. Çəkil önümdən! Sən xain və alçaq bir məxluqsun. İb lis. Sən də mühakiməsiz və şaşqın bir filosofsun. Arif. Öylə isə al, bu qurşunun aqıdacağı qan sənə də şəfa versin. (Revolverlə ona atəş açarsa da dəyməz) İb lis. Zavallı!.. Baq, cılız bir qurşun da sənə itaət etməyir. Həm də nə çocuqca sayğısızlıq!? Sən vulkanı qıvılcımlamı söndürmək istəyirsən? (Qoltuğundan çıqardığı ufaq bir makinadan Arifin üzərinə dumanlı alav püskürür) Al, bu bəndən sana bir dərs olsun. Arif. Ah nə dəhşət!.. (Bayılıb havuz kənarındakı sıra üzərinə yıqılır) İb lis. Saqın, bir də həddini aşma! Imdi bayılsan bir də qiyamətdə ayılacaqsın. (Uzaqlaşır) Köşkdə həzin və şikayətli musiqi çalınır. Bu halda gözəl qiyafətli, munis baqışlı Sima izindən ayrılmayan tunc geyimli, yağız çöhrəli Tuncərlə bərabər ağaclıqdan çıqar. Təlaş ilə yaqlaşır. Sima. O nə?.. Aman Tuncər! Durma, su ver! Adamcığaz bayılmışdır. (Arifin burnuna dərman qoqlatıb su sərpərlər) Arif (gözlərini açaraq). Ah, mənə nə oldu? Rö’yamı görürəm? Sima (onun qolundan tutub qaldırır). Əvət, həyat bir rö’ya, insanlar da rö’yada parlayıb sönən kölgələrdir. Arif. Sənin kim olduğunu bilmək məraqsız deyildir. Sima. Bən məhtablı mayıs gecələrinin ilıq busələrindən yaratılmış bir qızcığazım!.. Arif. Əvət yüzündəki saflıq mayıs səhərindən tatlı və sevimlidir. Gözlərindəki süzgünlük və cazibə sevdalı gecələr kibi munisdir. Səsindəki lətif ahəng hər musiqidən gözəldir. Səndəki bu vüqar və əzəmət, bu incəlik və şətarət ən böyük sən’ətkarların ilhamını süsləyə bilir. Rica edərim, sən kimsin? Sima. Mən bir çoq şairlərin, filosofların könlünü avlayan, ən yüksək və dərin düşüncələrdə qanat çalan bir dilək pərisiyim. Arif. Adın nədir? Sima. Sima! Arif. Sən əski zamanlarda gəlsəydin, sevgi və gözəllik tanrıları qarşında diz çökərlərdi. Sima. İmdi insanlar tanrılara inanmadıqları için səcdə etmək də istəməzlər. Arif. Səni dünyada ən çoq məraqlandıran nədir? Sima. Yalnız sülh və məhəbbət!.. Mən bəşəriyyət için çırpınan, qan izlərini silməyə çalışan sülh pərisiyim. (Munis və gülümsər baqışla uzaqlaşmaq istər) Arif. Aman dur! Ta çocuqluqdan bəri könlüm sənin həsrətinlə çırpınır. Yalnız ayıqlıqda deyil, rö’yalarımda belə səndən ilham almaqdayım. Sima. Təşəkkür edərim. (Yanındakı cəngavərə) Tuncər, gedəlim. Arif (heyrətlə). Gerçəkdən Tuncərmi? Mən onu çoqdan tanıyıram. (Tuncərin əlini sıqar) Söylə, imdiyə qədər haralarda idin? Tuncər. Başıma gələnlər uzundur. Bir zaman tarlalarda, fabrikalarda çalışan əməkçilərə qoşuldum, bir zaman da cihangirlərə qarşı duran inqilabçılara yardımçı oldum. Lakin bu cəsarətim əfv olunmadı. İstibdad jandarmaları məni zəncirlədilər, kirli zindanlara atdılar. Nəhayət qarşındakı parlaq sima məni ağır üzüntülərdən qurtardı. İmdi izlədiyim yalnız bu gözəl pərinin diləkləridir. Arif. Nə böyük səadət!.. Nə uğurlu inqilab!.. Sima (Tuncərə). Gedəlim. Arif. Xayır getmə, sənin eşqinlə çarpan könlümü öksüz bıraqma! Sima. Məni sevən izimdən ayrılmaz. (Uzaqlaşır) Arif (heyrətli baqışlardan sonra). Ah, o bir yıldız kibi aqıb getdi. Bir xəyal kibi, bir rö’ya kibi süzülüb getdi. Xayır, mən onsuz yaşamam, onsuz yaşamam. (Simayı izləmək istər) R ə’ n a (uzun saçları omuzlarına dağılmış olduğu halda gecə kömləyində gəlir). Arif! Sana nə olmuş? Bu sözlər kimin içindir? Arif. Hiç sorma. R ə’ n a. Gecə yarıdan keçmiş, niçin gəlib uyumayırsan? Arif. Məni yalnız bıraq! R ə’ n a. Rə’naya qarşı bu soyuqluq nədir? Yenə gözlərinə kimlər göründü? Söylə, könlünü çalan hanki afətdir? Söylə! Arif. O yosma bir qız, sevimli bir idealdır. Mən ona heyran oldum, ondakı yuksəkliyə vuruldum. (Sür’ətli adımlarla gedər) R ə’ n a (həyəcanlı). Nə sayğısızlıq!.. Məni yalnız bıraqdı, öksüz və kimsəsiz bıraqdı. Xayır, o məni atsa da mən onu təkbaşına bıraqmam. (İzlər) İb lis (yandan çıqaraq). Şaşırma dur! Sən gecə kömləyilə onu izləyəməzsin. Yolda soyuq alıb məhv olarsın. R ə’ n a. Zərər yoq, onlar da məhv olmalıdır, mən də. İb lis. Bu həyəcanlar yersizdir. R ə’ n a. Xayır, bu sayğısızlıq, xəyanət intiqamsız qalmaz. İb lis. Əvət, intiqam ən müqəddəs bir vəzifədir. Gəl, mən bu yolda hiç bir yardımı səndən əsirgəməm. (Rə’nayı ridasının qanatları altına alır, qaranlıq çökər) Pərdə * * * İkinci pərdə Madriddə yüksək və möhtəşəm bir yapı... Sağda başqa evlər, solda güzlük ağaclar... İkindi çağı, bulutlu hava... Göy gürlər, şimşəklər çaqar... İb lis ixtiyar professor qiyafətində – yağmurluğa bürünmüş olduğu halda – Rə’na ilə bərabər gəlir. Ara-sıra əli silahlı qadın, erkəklər yoldan keçər. R ə’ n a. Aman, nə dəhşətli səfər!? Biz haraya gəldik, bura hansı şəhərdir? İb lis. Biz Madriddəyik,İspaniya paytaxtındayıq. Baq, bu qocaman, möhtəşəm yapı ən böyük universitet, ən parlaq mədəniyyət ocağıdır. R ə’ n a. Xayır, baqsana orada yataqlar və şəfqət bacıları var. İb lis. Görünür, müharibədə yaralı düşənlər çoq olduğundan universiteti xəstəxanaya çevirmişlər. Hava aydınlaşır. Bir yığın silahlı-silahsız ispanyol qızları və dəliqanlıları şaqraq və oynaq bir çalğı ilə gəlib keçərlər. İki qızla iki dəliqanlı da rəqs edər. Bu sırada uzun, ağ kömləkdə şux, gözəl bir ispanyol qızı Ema şəfqət bacıları ilə bərabər xəstəxanədən çıqar, tamaşa edərlər. Sonra Ema yoldan keçən tüfəngli, patrondaşlı bir dəliqanlıyı yumşaq və zərif ahəng ilə səslər. Ema. Kastilyo!.. (Qapı arqasında gizlənir) Kastilyo (dönüb baqar, heyrətlə). Kim o? Mənimi çağırdılar!? Bu, gözəl Emanın səsinə bənzəyir. (Bir də düşündükdən sonra) Xayır, onun burada nə işi? (Uzaqlaşmaq istər) Ema (çıqar, yenə səslər). Kastilyo!.. Kastilyo!.. Kastilyo (dönər, sevinc ilə). Ema, sən burdamısın? Ema. Əvət, xəstələrə baqıram. Sən haraya? Kastilyo. Aşağıda köprü başında gecə növbətçisiyim. Ema. Sənidəmi əskərliyə aldılar? Kastilyo. Xayır, könüllü yazıldım. Ema. Yaşa, var ol! Bilsən nə qadar sevindim. Gəl!.. Gəl!.. Səni... (Qucaqlayıb öpər) baq böylə!.. Kastilyo. Qız! Şaşırdınmı? Kənardan baqıb görürlər. Ema (incə qəhqəhəylə). Görsünlər, nə olur? (Bir daha öpər) R ə’ n a (İblisə). Aman, nə sayğısızlıq, nə utanmazlıq!? İb lis. Bunlar sizlərə bənzəməz. Avropalıların sevişiböpüşmələri daha azaddır. Bu sırada tüfəngli Xalid, mərakeşli ərəb yoldan keçər. Onların öpüşdüklərini görür. Xalid. Kastilyo! Kastilyo! Gecikmiyəlim. Ema (diksinərək). Uf, əsmər ilan! Bu haradan çıqdı? Kastilyo. Saqın, Xaliddən ürkmə, o, çoq namuslu adamdır. Başqa ərəblər yurdumuzu taladıqları halda o, faşistləri bıraqdı, bizim tərəfə keçdi. Həm də bu saat mənimlə bərabər növbətə duracaq. Ema. İnanma, yabançılar xain olur. Kastilyo. Xayır, onun könlü bizimlədir. (Dönərək) Xalid gedəlimmi? Xalid. Gedəlim. (Kastilyonun qulağına) Ee gördüm, öpüşdüyünüzü gördüm. Kastilyo. Necədir? Bəyəndinmi? Xalid. Barəkallah! Maşallah! Oynaqdır, şaqraqdır. Kastilyo. Başqası deyil, nişanlımdır. Bu yaqınlarda evlənəcəyik. Xalid (Emaya gülümsəyərək). Çoq mübarək, gözəl qızdır. İşvəlidir, nəş’əlidir. Kastilyo. Öz aramızdır, Emayı bir az diksindirdin. Xalid. Niçin? Mən adam yeyən deyilim. Ema. Necə? Adam yeyənmi? (Şaqraq gülüşlə...) Xalid. Sözlərim tuhafmı göründü? Bütün dünya bir-birini yeməyirmi? Ema. Əvət haqsız deyilsiniz. Kastilyo. Xalid çoq incə adam!.. O, gözəl ud çalar, gözəl şərqi də söylər. Ema. Hanya, mən görmədim. Kastilyo. Haydı, bir-iki ağız söyləsənə! Xalid. Ba...ş üstünə (ərəb ahəngilə oqur) Səni ürkütdümü halım, çiçəyim! Öylə yan baqma, aman sevdicəyim! O baqışlar, o duruşlar, o əda Qoparır fırtınalar ruhumda. Gözlərin qoymadı taqət məndə, Bir daş olsam da gözüm var səndə. Edəməm könlümü əsla məcbur, Səni kim görsə xəbərsiz vurulur. Kastilyo (əlilə onun omuzunu oqşayaraq). Bravo!.. Bravo!.. Haydı sən yavaş-yavaş yürü, mən də gəlirim. Xalid (başını oynadıb gülümsər). Əvət, məsələ mə’lum! (Qulağına) Iş vaqtı öpüş yasaqdır. Gecikmə, tez gəl! (Uzaqlaşır) Kastilyo. Bu saət əzizim, bu saət. Ema (əlilə nişanlısını itələr, darğın). Get, get, sən də bərabər get! Kastilyo. Ema! Yetər, aradan nələr keçdi? Nə oldu sana? Ema. Nə olacaq? Qarayı gördün də ağı unutdun. Anlat görüm üç gündür haradasın? Kastilyo. Gecə-gündüz qışlada məşq edirik. Ema. Olsun, bir gəlib aramaq, sormaq yoqmu? Kastilyo. Sən bilirsən ki, vətən eşqi və vətən qurtuluşu hər şeydən yüksək və müqəddəsdir. Ema. Olsun, mən də vətənin bir üzvü, bir parçası, bir yavrusu deyilmiyim? Kastilyo. Vətən anadır. Bütün sevgilər ana məhəbbəti qarşısında sönük qalır. Ema. Bilirəm, məndən soğumuşsun. (Əlilə itər) Get, get, yolundan qalma! R ə’ n a. Nə tuhaf!.. Həm sevişir, həm çəkişirlər. İb lis. Baqma, çəkişmək də sevişmənin bir nevidir. (Ağac dibindəki sıra üzərində otururlar) Kastilyo (xəstəxanəyə girmək istəyən Emaya). Getmə, dur! Ema (nazlanır). İstəməm, xayır. Kastilyo (qolundan tutaraq). Bəri gəl! Çocuqluq, dəlilik yetər! Ema (cibindən kiçik bir revolver çıqarır). Sus, bir də böylə təhqir etsən, özümü öldürrəm. Bilirsən ki, imdi insanların bir qurşun qadar dəyəri yoqdur. Kastilyo. Anladım, əvət, anladım. Çocuq da mənim, dəli də, oldumu? Ema (şən və oynaq). Baq böylə!.. Bu cəvab xoşuma getdi. Kastilyo (onun əlini sıqaraq). Bağışla, çoq gecikdim. (Getmək istər) Ema. Dur, sözüm daha bitmədi. Nevbətdən sonra anamın yanına uğrarsın, saqın unutma! Kastilyo. Niçin? Gərəkli bir işmi var? Ema. Səninlə toy haqqında danışacaqdır. Kastilyo. Bilirsən ki, yerimiz dardır, geniş oda bulayım da sonra. Ema. Lazım deyil, bizə köçərsin, bu günlərdə evlənməliyik, vəssalam! Kastilyo. Nə olmuş canım, dünya dağılmadı ki!? Ema (ayağını yerə vuraraq). Mən öylə istərəm, eşitdinmi? Anam kimsəsizdir, tək başına bıraqmaq olmaz. Kastilyo. Çoq gözəl, haydi gəl səni bir daha qollarım arasına alayım. (Qucaqlayıb öpür. Xızlı adımlarla uzaqlaşır) Bu sırada qucaqları – kağızlara sarılmış konserv, şəkər, çay, bisküvi və başqa şeylərlə dolu bir yığın qadın, erkək qarşıdakı evdən çıqarlar. Ema. Natella!.. Natella!.. (Deyə, onların arasındakı gənc qadına doğru qoşar, öpüşürlər) Natella. Ema! Necəsin, gülüm? Ema. Yaqşıyım, sənin keyfin? Natella. Çoq şükür. Ema (uzaqlaşan nişanlısını çağırır). Kastilyo, Kastilyo! Kastilyo (geri dönər). Nə var, Ema? Ema. Yolunuz birdir, Natellaya yardım et! Natella. İstəməz, zəhmət çəkməyin. Kastilyo. Ver, ver! Hiç bir zəhməti yoq. (Şeylərin yarısını alır) Ee... e nə bolluq canım!? Bunları sizə kim paylayır? Ema. Kim paylayacaq?.. Bizimkilər! Kastilyo. Yenə müəmma söyləyirsən. Natella. Xayır, müəmma deyil. Bu şeylər cihan proletarları tərəfindən bizə hədiyyədir. Həm də çoq qismi böyük Sovetlər İttifaqından göndərilmiş. Ema (şən və öyünürcəsinə). Əvət biz yardımsız və kimsəsiz deyilik. (Natellaya) Bağışla, unutdum. Çocuq hanı? Evdə yalnızmı bıraqdın? Natella. Xayır, yalnız deyil, anamla xəstə qardaşım bizdədir. Kastilyo. Ərin harda? Natella. Madrid altında pulemyot başında. İb lis. Acıyın bizə, Allah eşqinə yardım edin. Ema. Siz kimsiniz? İb lis. Talesiz bir professor!.. Gözlərim zəhərli qaz və başqa kimya təcrübələrində kor olmuş. Natella. Uf, bilməm bu alimlər zəhərli qazlarilə, yaqıcı makinalarıyla insanlardan nə istəyirlər. Kastilyo. Onların bir çoq kəşfiyyatı bəşəriyyəti umulmaz vəhşiliyə, qorqunc fəlakətlərə sürükləyir. İb lis (dərindən ah çəkərək). Əvət, yavrum, bizim elmimiz cəhalət qadar iyrənc və uğursuzdur. Ona görə də Allah məni öz əlimlə cəzalandırdı. Uf, lə’nətlər olsun mənim taleyimə! Natella. Keçmiş artıq, üzülmək yersizdir. (Rə’nayı göstərir) Bu kimdir? İb lis. Qızımdır. Bizə sığınacaq yer verin. Kastilyo (gülərək). Yerimiz olsaydı toyumuzu beş gün əvvəl yapardıq. Ema (sinirli). Sözü çeynəmə, dedim a, bizə köçərsin, vəssəlam! Natella. Gedəlim, çocuq acdır. Kastilyo. Haydi, haydi! (Sür’ətli adımlarla uzaqlaşırlar) Ema. Uğurlar olsun! (Əlini dodaqlarına götürür) Natella! Unutma, körpəciyəzi mənim yerimə də öpərsin. Natella. Yaqşı, gülüm, yaqşı. R ə’ n a. Uf, səbrim tükəndi, Arif harda? İb lis. Üzülmə, bu saat gəlib çıqar. Ema (beş-altı adım yürür, yana). Bəlkə bunlar acdır. (Dönüb yaqınlaşır) Professor! Yeyib-içməyə ehtiyacınız yoqmu? İb lis. Xayır. (Rə’naya) Bəlkə sən bir şey istərsin. R ə’ n a. Bir parça əkmək olsaydı... Ema (onu xəstəxanəyə götürür). Gəliniz, yaqşıca makaron şorbası da var. İb lis. Get, qızım, mən burdayam. (Gedərlər) Birinci, ikinci, üçüncü və dördüncü şeytan ortaya fırlayaraq İblisə qarşı əyilirlər. Hamısıbirdən. Salam böyük ustamıza! İb lis (qıvılcımlar saçan gözlərini açaraq). Nə var, nə xəbər? Birincişeytan (alman tipli). Ən parlaq müjdələr!.. Mən Hitler Almaniyasını dolaşdım, özümüzə bir çoq məsləkdaş qazandırdım. Oradakı əməkçilərdən başqa hər kəs qan-qan – deyə qızmış canavar kibi dünyaya meydan oquyurlar. İb lis. Alqış sana, alqış səndəki baş-qulağa! Birincişeytan. Halbuki sən mənə başarıqsız, yaramaz deyirdin. İb lis. İncimə, quzum, pişik balasını sevdiyindən dişlər. Birincişeytan (əyilir). Təşəkkür edirəm. Çoq lütfkarsınız. İb lis. Haydi, sən yenə Almaniya tərəflərinə dön, hiç bir zaman iş başından ayrılma! Birincişeytan. Göz üstə, baş üstə! (Hoplayaraq uzaqlaşır) İb lis (yapon qılıqlı ikinci şeytana). Ehe, sən burada nə gəzirsən? İk incişeytan. Təcrübəmi artırmaq istəyirəm. İb lis. Nə sarsaqlıq!? Niçin Mancuriya və Çin tərəflərini bıraqıb gəldin? Oralarda az işmi var? İk incişeytan. Məraq etmə, oradakı yapon generalları, yapon diplomatları fitnəkarlıqda bizdən daha açıqgözlü və mahirdirlər. Hər gün yeni bir fırıldaqla çinliləri bir-biri üzərinə saldırırlar. Hər gün yeni qırğınlar törədib soyğunçuluqdan, qan içməkdən doymayırlar. İb lis. Saqın, o cəbhəyi unutmaq olmaz. Həmən oraya uçmalı! Həm də radio kibi, elektrik kibi, eşitdinmi? (Ayağını yerə vurur) Haydı, rədd ol! İk incişeytan. Bu saət. (Əyilib gedər) İb lis (italyan tipli üçüncü şeytana). İmdi sən söylə! Üçüncüşeytan. Mən Italiyada girib çıqmamış bir yer bıraqmadım. Ordakı başçılar sizin iltifat və mükafatınıza layiq insanlardır. Onlar gecə-gündüz almanlarla bərabər tanklar, aeroplanlar, zəhərli qazlar, yaqıcı bombalar göndərib Ispaniya faşistlərinə yardım edirlər İb lis. Çoq gözəl. (İspanyol tipli dördüncü şeytana) Səndə nə xəbərlər var? Dördüncüşeytan. Hər şey yerində. Bütün faşizm çetələri general Frankoya, o da mənim göstərişlərimə tabedir. Bu saət Madrid üç tərəfdən araya alınmış. Xalq ordusu, milis və işçi alayları qorqu altındadır. (Uzaqda iki-üç top patlar. Təyyarə uçuşları eşidilir) İb lis. Bu nə? Dördüncüşeytan. General Franko gecə hücumuna başlayır. İb lis. Daha durmaq yaramaz. Siz də onlara yardımçı olun! Hər tərəfdən bombalar, güllələr yağdırılsın, gözəl paytaxt yanğın yerlərinə dönsün. Üçüncüşeytan. Əmin ol, daş daş üstündə qalmayacaq. Dördüncüşeytan. Gedəlim. (Qoşaraq gedərlər, səhnə işıqlanır) R ə’ n a (gəlir). Nə oldu Arif? Gəlib çıqmadımı? İb lis (qarşıda görünən əli sarılı Ariflə həmşirə qiyafətli Simayı göstərir). İştə yeni vurulduğu Sima ilə bərabər! R ə’ n a (sinirli). Uf, bütün vücudum sarsılmağa başladı. Məndə qüdrət olsaydı, hər ikisini əlimlə parçalardım. İb lis. Səbirsiz olma, yeri gəldikdə hər ikisindən intiqam alarsın. (Bir yana çəkilib görünməz olur) R ə’ n a (Simayı qısqanc və kinli baqışla süzərək). Ah, nə qadar nazlı və məğrur!.. O, Püsküllü yıldız qadar zəhərli və şairanədir. (Kəskin adımlarla ona yaqlaşaraq) Gözəl qız! Məni dinlə!.. Sən kimsin? Şeytanmısın? Pərimisin? Cəlladmısın?.. Söylə, məndən nə istəyirsən? Arif (şaşqın). Rə’na! Səni buraya kim gətirdi? Hansı duyğular sürüklədi. R ə’ n a (nifrətlə). Söylətmə məni, çəkil! (Simayı yaqalar) Ah, sən məndən nə istəyirsən? Söylə, mənim suçum nədir ki, zəhərli dırnaqlarınla könlümü parçalayırsın? Sima. Bil’əks, mən yaralı gönüllərə hörmət bəslərəm, kimsəsiz və öksüzləri sevindirmək istərəm. Arif. Əvət, o, insan üzüntülərinə şəfqət nuru sərpən yüksək və nəcib bir simadır. R ə’ n a. Sən sus, yaralarımı yenidən qanatma! Sima. Rə’na! Könlünü mənə açsaydın, bəlkə bir təsəlli, bir çarə bulurdum. R ə’ n a. İstəməm. Mən mərhəmət dilənçisi deyilim. Arif. Saqın! Yersiz şübhələrə qapılma! Sima insaniyyət sevgisilə, mərhəmət duyğusuyla çırpınan bir xilqətdir. Yalnız deyil mən, hər vicdan sahibi, hətta hissiyyata qapılan Rə’na belə, bir çocuq kibi ona sarılmalıdır. Sən bugünkü İspaniyayı başdan-başa gəzib görsəydin, bizim nə acılar, nə üzüntülər çəkdiyimizi anlardın. (Bu sırada sədyələr üzərində universiteyə daşınan yaralıları göstərir) İştə, gözlərini aç da seyr et! Bu ölkədə yüz minlərcə yaralı döyüşçülər, yoqsulluq içində çırpınan xəstə qadınlar, kimsəsiz çocuqlar qəhr olub getməkdədir. Onlara yardım əlini uzatmaq bir günah isə, gerçəkdən Sima da, mən də suçluyuq. Niçin düşünməyirsən? Bütün dünya əməkçiləri hər yerdən, hər diyardan buraya yeyəcək, geyəcək göndərirlər. Hər yandan yığın-yığın könüllülər kömək için aqışırlar. Yalnız bizmi bu yüksək duyğulardan məhrum olacayıq? Yalnız bizmi amansız qırğınlara seyrçi qalacayıq? Sima (kömləyinin qolunu yuqarı çəkərək sarılı yeri göstərir). Baqsana! Bu mənim qolum, o da Arifin əli!.. Iştə bizim mükafat! Qanlı faşistlərdən aldığımız mükafat!.. R ə’ n a (ah çəkər). Əvət hqlısınız, mən xain İblisə uydum. (İblisi göstərmək için arqaya baqaraq) O mənim yüksək duyğularımı zəhərlədi, həm də bir anda hiçliklərə gömülüb yoq oldu. Sima (onun əlini əlləri içinə alaraq). Hiç zərər yoq, keçən yanlışlar için üzülmə! Bir həqiqət gec anlaşılsa da, yenə həqiqətdir. Gəl sən də, mən də bir həmşirə kibi uca diləklər uğrunda çalışalım. Baq bütün evlər başdan-başa yaralıdır. Gəl, o fədakar qəhrəmanlara, onların xəstəlik və aclıq pəncəsində qıvrılan ailələrinə yardım edəlim. (Qoltuğundakı ağ, uzun kömləyi ona geydirir) Al, bu da sənin. Baq, nə gözəl yaraşır. R ə’ n a. Təşəkkür edirəm. Sima. Gəliniz, Rə’na bir az rahtlansın. (İçəri girərlər) Muzika. Silahlanmış zabitlər, əskərlər, işçiqadınlarvəerkəklər, dürlü qiyafətli avropalıgönüllülərTuncərlə bərabər gəlir. Ema (şəfqət bacılarilə bir yerdə tamaşaya çıqar, ən sonra gələnləri əlilə göstərir). Baqsana, o zabitlərlə gələn baş komandan general Miaxadır. (Yanındakılara) Dinləyəlim. Görünür, nitq söyləyəcək. Miaxa (kəskin və kinli ahəng ilə). Vətəndaşlar! İsyançı faşizm ordusu getdikcə azmağa başlayır. Gecə-gündüz vəhşi hücumlardan vaz keçmirlər. Inkvizisyon cəlladları kimi önlərinə gələni yaqıb-yıqmaqdan çəkinmirlər. Universitetlər, muzeylər, xəstəxanələr tiyatrolar top güllələrilə dağılır. Bütün mədəniyyət ocaqları alman və italyan bombalarilə yanıb külləri göylərə savrulur. Vaqtilə keçmiş ərəblər Tariq ibn Ziyad ordusilə bu ölkəyi sardılar. Lakin mevhumatçı papaslarquyruğunda sürünən xalqımızı tənbəllik və cəhalət uyqusundan diksindirdilər. Onların göstərişilə sən’ət və əkin işlərimiz ilərilədi. Tibb və fəlsəfə fakültələrimiz yüksəldi. Halbuki, imdiki mərakeşlilər faşistlərə uyaraq qadın və çocuq tanımayırlar. Yaqıb-yıqmaqdan başqa bir şey bilməyirlər. Tuncər. Qəhr olsun oğrular, quldurlar! Camaat (yumruqlarını havada sallayaraq). Qəhr olsun! Miaxa. Almanlar, italyanlar hüququmuzu ayaqlar altında çignəyir. Biz bu vicdansız, bu amansız soyğunçuları ölkəmizdən qovmalıyıq. Tuncər. Rədd olsun qanlı cihangirlər! Camaat. Rədd olsun! Miaxa. Asi generallar ölkəyi aclıqdan qırmaq istəyirlər. Camaat. Məhv olsun! Natella (saçları dağınıq, başı alavlı, köksü yaralı olduğu halda gələrək dəhşət və həyəcanlar içində bağırır). Ah, eyvah! Onlar bizi qəhr etdilər. Yurdumuzu, yuvamızı dağıtdılar. Onlar!.. O yırtıcı haydutlar evimizə benzin səpib atəşlədilər. General Miaxanın əsir düşmüş ailəsini məhv etdilər. Miaxa (yana). Oh... Alçaqlar!.. Rəzillər! Natella. Onlar mənim ağsaçlı anamı, xəstə qardaşımı süngü altında parçaladılar. Südəmər çocuğum, o mə’sum yavrucuğum beşikdə qaldı, alavlar içində külü havaya savruldu. (Çılğınca fəryad ilə) Ah, yavrum! Talesiz yavrum!.. (Hıçqırıqlar içində bayılıb düşər, alıb içəri götürürlər) Bu sırada pulemyot və təyyarə səsləri eşidilir. Ətrafda bombalar patlar, alav dalğaları yüksəlir. Miaxa. Vətəndaşlar! Erkək-qadın, sosialist-bitərəf, bütün cümhuriyyətçilər bilməlidir ki, mənim həlak olmuş ailəmin acı sərgüzəşti vətən fəlakətləri qarşısında hiçdir. Hər kəs ölkə müdafiəsi uğrunda, hüquq və hürriyyət yolunda birləşməli, Ispaniya faşizm məzarı olmalı, haydi, arş iləri! Camaat. Ya zəfər, ya ölüm! Coşğun muzika... Kinli adımlarla savaş meydanına doğru hərəkət edərlər. İb lis (qızıl qiyafətdə görünür, daşqın sevinc ilə). Aman, nə dəhşətli yanğınlar! Nə parlaq mənzərələr!.. Artıq qəsvətli qaranlıqlardan əsər yoq. Gecə-gündüzdən seçilməyir. İki dəniz, iki tufan bir-birilə çarpışır. İki aqın, iki sinif qarşı-qarşıya gəlmiş. Oğul babayı, qardaş qardaşı tanımayır. Bir yanda əmək qəhrəmanları, bir yanda faşizm cəngavərləri birbirini boğazlayır. Kimsə kimsəyə aman verməyir, kimsə kimsəyə acımayır. Neron sağ olsaydı bu parlaq mənzərəyə məftun olurdu. Həm də özünü yeni əsrin neronları yanında pək küçük bulurdu. Gurultu və çarpışmalar getdikcə qızışır, top güllələri bir-birinin ardınca patlar. Ətrafdakı pəncərələrdən, divarlardan bir neçəsi devrilir. Üçüncü və dördüncü şeytan qoşaraq gəlir, İblisə qarşı əyilirlər. Üçüncüşeytan. Aman, nə qorqulu döyüşlər!.. İb lis. Cümhuriyyət ordusu nə halda? Üçüncüşeytan. Dəhşət!.. İçlərində öylə qəhrəmanlar var ki, tanklar üzərinə atılmaqdan çəkinməyirlər. Dördüncüşeytan. Buna baqmayaraq, faşistlər bu saət onları geri püskürtdülər. İb lis. Niçin? Bu olur şeymi? Dördüncüşeytan. Onlar texnika və silahca daha güclüdür. (Əlilə göstərir) Baqsana, xalq alayları geri çəkilməkdədir. İb lis (iləriləyib baqar). Əvət, doğru, haydi bir yana çəkiləlim (Uzaqlaşırlar) Xalq ordusu və gönüllülər çarpışa-çarpışa səhnəyə çəkilir. Vuruşan erkək və qadınlardan yaralanıb düşənlər olur. Birinciyaralı (qadın... yıqılaraq). Ah, xainlər, alçaqlar! İk inciyaralı. Hər şey bitdi, gözəl vətən ayaqlar altında çignənib getdi. Miaxa. Haydi geriyə, nizam ilə geriyə!.. Düşmanı hər tərəfdən araya almalı, daha kəskin və ağır zərbə endirməli!.. Səhnədən çəkilirlər. İspanyol, mərakeşli, alman və italyan qiyafətli qiyamçılar atışaraq ilərilər. General Franko da onların arasında görünür. Birispanyol. Çəkilin, yol verin! Mərakeşli. O kimdir? Ispanyol (əlilə göstərir). Baş komandan general Franko! Franko (gəlir). Qəhrəman silahdaşlar! Xalqı sosializmaya və kommunizmaya doğru sürükləyənlər əzildi. Tanrının yardımilə cümhuriyyətçilərə üstün gəldik. Ordumuzdakı almanlar və italyanlar böyük cəsarət göstərdilər. Yigit mərakeşlilər də qaplan kibi çarpışdılar. Biralmanzabiti. Yaşasın birlik və yenilməz qüvvət! Franko. Yaşasın müzəffər ordumuz! Tuncər (kənarda durub dinlədikdən sonra sərt və kəskin). Xayır, bu zəfərlər sizi öyündürməsin. Bu sərxoşluq və sevinciniz çoq sürməz. Sizin yardımçınız bir yığın cihangirlərsə, bizim arqamızda bütün cihan əməkçiləri durmuş. Franko. Bu nə azğınlıq, bu nə cəsarət? Almanzabiti. Onun gözlərində kin və xəyanət dalğalanır. Tuncər. Sizə xain olsam da sınıfdaşlarıma xain deyilim. Franko (qızğın). Sən kimsin? Tuncər. Mən əmək dünyasının yenilməz bir əskəri, inqilab cəbhəsinin sarsılmaz bir nəfəriyim. Mən qabarlı əllərin, tərli alınların yılmaz bir rəmzi, sarsılmaz bir nümayəndəsiyim. Franko. Bu hərif susdurulsun. Ətrafdakılar. Oh!.. (Deyə hücum edərlər) Tuncər. Durun! Mənə qulaq verin. Əcəba sərxoşmusunuz, kormusunuz? Xain generallara uyub da qardaş qanına susamaqda bir şərəfmi var? Niçin ana-bacılarınızı, qadın və çocuqlarınızı düşünməyirsiniz? Əcəba siz də bizim kibi əmək yavruları deyilmisiniz? Qırıb-çatdığınız qurbanlar öz yurtdaşlarınız deyilmi? Yaqıb-yıqdığınız bu gözəl vətən sizin deyilmi? Franko. Bizimdir. Lakin bıraqmarıq ki, hər baldırı çıplaq bu ölkədə ixtilal çıqarsın, hər gün yeni bir tufan qoparsın. Biz yalnız vətənin səadət və istiqlalını istəyiriz. Natella (xəstəxanədən çıqar, son sözləri eşidərək çılğınca ahəng ilə). Aman o xaini dinləməyin! Onu izləyən cəlladlara qulaq verməyin! Onlar taundan, vəbadan qorqulu, qıtlıqdan və ölümdən dəhşətlidir. İt alyanzabiti. Sus, bir cılız qurşun səni susdurar. (Revolverini çıqarır, atarkən açılmaz) Natella (önə atılaraq xəncərlə onu köksündən yaralar). Haydı gəbər! Xain canavar!.. (Natellayı boğazından yaqalar) Tuncər. Bıraq onu, şərəfsiz (Revolverlə atəş açar) İt alyanzabiti. Ax, axx... (deyə yıqılır) Tuncər. Qardaşlar! Bu qanlı cənazələrdən ibrət alın! O vəhşi komandanlardan, o vicdansız qatillərdən uzaqlaşın! Franko. Yetər, bu xain cəzasına yetirilsin. Birdəliqanlı (faşist zabiti). Xayır, o xain deyil. Birbölük (Zabitin əskərləri). Xayır, o xain deyil. Franko. Sapqın sənsin!.. Dəliqanlı. Yetər, biz bundan sonra hər alçağa qul olmayacayıq. Bölük. Biz cəllad deyilik. (Dəliqanlı ilə bərabər Tuncər tərəfinə keçərlər) Dəliqanlı. Biz qardaş qanı aqıtmayacayıq. Vətən xainlərinə uymayacayıq. Bölük. Yaşasın vətən! Yaşasın istiqlal! Bu sırada Sima ilə R ə’ n a xəstəxanədən çıqar, onları dinlərlər. Franko (yanındakı əskərlərə). Gözləriniz kormu? Qulaqlarınız sağırmı? Haydı, yaylım atəş!.. (Tüfənglər nişan alır) Sima. Durun, siz dəli olmuşsunuz. Siz insanlıq şərəfini ayaq altında çignəyən vəhşilərsiniz. Sizdə vicdan yoqsa, düşüncə dəmi yoqdur? Almanzabiti. Al, bu sana ən parlaq cəvab (Revolver patlar) Sima (yaralanıb düşər). Ah, alçaq! Tuncər. Barbarlar! Vicdansızlar! R ə’ n a. Onlar çıldırdılar. Natella. Yardım et, içəri götürək. Simayı qaldırıb xətəxanəyə götürürlər. Tuncər (bölüklə bərabər silaha sarılaraq). Rədd olsun cəlladlar! Bölük. Rədd olsun! Franko. Haydı atəş!.. Hər iki tərəf hücuma keçərək atışırlar, coşğun muzika... Miaxa (gur səslə). Xırsızlar!.. Uğursuzlar!.. Deyə xalq alayları və könüllülərlə bərabər arqadan hücum edər. Kastilyo ilə Xalid də onların arasında görünür. Faşistlərdən bir neçəsi yaralanıb düşər. Birinciyaralı. Ah, dəhşət!.. Məhv olduq. İk inciyaralı. Bizi aldatdılar. Xəyanət bizi məhv etdi. Bu sırada qaçanlardan biri Kastilyoyu qurşunla köksündən yaralar. Kastilyo (yıqılaraq). Ah, namərd! Məni namurad qoydun. Ona... Sevgili Emaya... Həsrət qaldım. Ema (çıqıb onun vurulduğunu görür. Söylədiyi sözlərdən mütəəssir olaraq yaqınlaşır. Yaralı fəryad ilə). Ah, Kastilyo! Məni yalnız bıraqma! Mən sənsiz yaşayamam. (Onun başını qolları arasına alıb hönkürhönkür ağlar) Kastilyo. Xayır, sən yaşa!.. Düşmanlardan mənim... qanımı... al. Ema!.. Ağlama!.. (Ölür) Ema. Ah, o susdu, bir şam kibi parlayıb söndü. (Kinli) Xayır Kastilyo, xayır, mən daha ağlamayacayam. (Kastilyonun tüfəngini qaparaq) Sənin qanını öz silahınla alacayam. Miaxa. Haydı vətəndaşlar! Bu qız sizə örnək olsun! Hücum!.. İləriyə hücum!.. Coşğun muzika... Hərtərəfdən. Urra, urra, urra!.. Deyə Emayı izləyərək qaçanları qovarlar. Pərdə * * * Üçüncü pərdə Belçikada sülh qurultayı... Salonun sağ tərəfində rəyasət hey’ətinə məxsus masa və qoltuqlar qoyulmuş. Hey’ət ə’zaları dürlü millətlərə mənsubdur. Yanlarda mühərrirlər və katiblər yerləşmiş. Ortadan sola doğru nümayəndələr oturmuşlar. Sədr (ingiliz lordu ayağa qalqaraq). Həzərat! Mən Avropanın mərkəzində qurulan böyük sülh qurultayını açıq e’lan edirəm. Buraya hər dövlətdən nümayəndələr gəlmiş, hər kəsin mə’lumu olduğu üzrə son zamanlardakı müharibə qorqusu 1914-cü ilə görə daha ağır, daha dəhşətlidir. Biz sülh uğrunda yaqşı mübarizə etmək için millətlər məclisinə tə’sir göstərməliyik və beynəlxalq tərk-silah məqsədilə tərtib olunmuş plan əsasında hərəkət etməliyik. Imdi hörmətli Sovet nümayəndəsinə söz verilir. Alqışlar. Sovetnümayəndəsi (xitabət kürsüsünə çıqaraq). Möhtərəm cənablar! Bizə aydındır ki, yer yüzündə sülh istəyənlər müharibə tərəfdarlarından qüvvətlidir. Çünki onların arqasında hərbə qarşı kin və nifrət bəsləyən xalqlar durmuşdur. Lakin bu yetərmi?.. Xayır. İçimizdə öylə hökumətlər var ki, yeni əsrə qan və dəmir əsri – deyə dodaq gəmirməkdədirlər. B ə’ zinümayəndələr (yerlərindən). Rədd olsunlar. İb lis (kibar qiyafətli, ortayaşlı, qurnaz baqışlı bir papas... Papa vəkili rolunda olaraq, yanında oturan nümayəndə qılıqlı üçüncü, dördüncü şeytana). Bu təcavüzdür. Üçüncü və dördüncüşeytan (yüksəkdən). Bu təcavüzdür. Birincialmannümayəndəsi (yerindən qalqaraq). Əvət, təcavüz!.. Başqalarının hüququna təcavüz!.. Arif (yerindən). Xayır, deyil. Sədr (zilə basaraq məclisdəkilərə). Oturun! (Natiqə) Sözünüzə dəvam edin! Sovetnümayəndəsi. Əvət, “qan! qan!” deyən bu hərbcular imdiyə qadar millətlər cəmiyyəti tərəfindən ciddi bir qarşılıq görmədi. Öylə hökumətlər var ki, bu zəifliyə qarşı susmaq istəyir. Bu isə acınacaq bir haldır. Biz keçmiş cihan müharibəsinin qanlı qurbanlarını və doğurduğu millətlər ayrılığını unutmamışıq. Bə’zi dövlətlər Şərqdə və Qərbdə yeni fitnələr törətməkdən çəkinmirlər. Hər gün sülhə tərəfdar olduqlarını söyləyərək, yeni hücumlar hazırlayırlar. Üçüncüşeytan (yerindən). Kimdir onlar? Kimdir onlar? Dördüncüşeytan. Açıq söylə, kimdir onlar? Çinnümayəndəsi. Çin ölkəsini parçalayan quldurlar!.. Həbəşnümayəndəsi. Həbəşistanı yaqıb-yıqan azğınlar!.. Yaponnümayəndəsi (diplomat... qalqaraq). Bu kinayələr yersizdir. Almannümayəndəsi. Natiq susdurulsun! İt alyannümayəndəsi. O yenə təcavüzə başlayır. Sədr (zilə basaraq). Həzərat!.. Sükut!.. Hər kəs öz sırasında söylər. (Sovet nümayəndəsinə) Buyurun! Sovetnümayəndəsi. Əvət, bir çoqları təhlükəsizlikdən bəhs etdikləri halda, gecə-gündüz silahlanırlar. Dünyanın hər bucağına ədavət toxumu səpməkdən utanmırlar. Biz buna baqmayaraq daha sarsılmaz bir qüvvətlə çalışmalıyıq. Bütün ölkələrə, bütün insanlara qurtuluş yolları göstərməliyik. O yol da ancaq işçi sınıflarının, dünya əməkçilərinin birləşməsilə olur. Yaşasın həqiqi sülh və əmək birliyi!.. (Gurultulu alqışlar altında xitabət kürsüsündən çəkilir) Sədr (sol tərəfi göstərir). Həzərat! Gözləriniz aydın! Sülh pərisi gözəl Sima məclisimizi şərəfləndirdi. Arif (qalqar, əl çalaraq ilərilər). Alqış sevgi və dilək pərisinə! Nümayəndələr. Yaşa, var ol! Yaşa, var ol! Deyə hər yandan Simayı alqışlayaraq sədrin yanına qadar gətirirlər. Tuncər də onun ardınca gəlir. Qollarını köksündə çapraz edərək bir yanda durur. Sovetnümayəndəsi. Ona söz verilsin. Fransıznümayəndəsi. İspaniya haqqında Simaya söz verilsin. Nümayəndələr. Söz verilsin. Sədr. Buyurun, sizi dinləmək istəyirlər. Sima. Nə söyləyim mən? İspaniyadakı qan fırtınalarını, dəhşət yanğınlarını təsvirə sözmü bulunur? Bu bədbaxt ölkə fəlakət pəncəsində qıvrılaraq hər gün yeni-yeni faciələrə şahid olmaqdadır. Yurtsuz qadınlar, ac və kimsəsiz çocuqlar ayaqlar altında çignənib getməkdədir. Faşizm cəlladları şübhələndikləri işçilərə, onların öz əllərilə məzar qazdırırlar, sonra yüzlərcə, minlərcə yaylım atəşi altında məhv edirlər. İmdi o gözəl diyar bir xərabəzardan başqa bir şey deyildir. (Göz yaşını silərək, titrək səslə) Ah, ispanlar çoq alçaldılar, çoq alçaldılar. Sizlər bəxtiyarsınız ki, o vəhşiləri görmədiniz. Uf, kaş ki, mən də görməyəydim, mən də!.. (Hönkür-hönkür ağlayaraq yerindən çəkilir. Hey’ətə məxsus sandaliyələrdən birinə oturur) Arif. Gözəl Sima! Ağlama! Bəşəriyyəti hiç bir zaman göz yaşları qurtarmamışdır. İb lis. Mənə söz veriniz, lütfən söz veriniz. Şeytanlar. Ona söz verilsin. Sədr (zilə basar, sükutdan sonra, İblisə). Buyurun. (Nümayəndələrə) Bu cənab Roma papası tərəfindən göndərilmişdir. Arif (yana). Əvət, bu da müqəddəs bir tilki!.. Baqalım nələr söyləyəcək. İb lis (xitabət kürsüsünə çıqaraq Simaya). Alqış sana yavrum, alqış səndəki həzin çırpınışlara! Alqış gözlərindən saçılan inci yaşlara. (Nümayəndələrə) İştə həzrət-İsa yolunu izləyən şəfqətli və mərhəmətli bir mələk!.. Mən hər kəsin bu könüldə olmasını dilərdim. İncilişərif bizləri sülhə çağırmış, hiç bir fənalığa qarşı qoyulmamasını göstərmişdir. Arif (yerindən). Sən bu sözləri bizə deyil, kilisə divarlarına söylə. İb lis. Mən bu acı kinayəni bağışlayıram. Cənab Haq bağışlayanları sevər. Siz məni dinlərsəniz, zalimlərə qarşı durmazsınız. Arif. Yetər, hədyan dinləməyə vaqtımız yoqdur. İb lis. Mən sənin bu qaba çıqışlarını cəvabsız bıraqmaq istəyirəm. Sədr. Sözünüzə dəvam edin. İb lis. Ulu Tanrı insanları sevgi için yaratmışdır. Vəqta ki, Adəm evladı doğru yoldan sapar, onlara umulmaz bir bəla müsəllət olur. Arif (yana). Sonra!? İb lis. Vəqta ki, İspaniya xalqı kilisələrə və din rəhbərlərinə xor baqdılar, göylər səltənəti onları cəzasız bıraqmadı. Mən əminəm ki, dinsizlər yer yüzündən qaldırılmadıqca sülh arzusu yersizdir. Üçüncüşeytan (yerindən). Doğrudur. Dördüncüşeytan. Əvət, doğrudur. Arif (İblisə). Əcəba bu yüksək ilhamları sana hanki “dahi” verdi? İb lis. Təbii, papa həzrətləri!.. O bəni buraya qarışdırmaq için deyil, barışdırmaq için göndərmiş. Hər kəs bilir ki, papa yer yüzündə ən şanlı və müqəddəs bir rəhbərdir. Arif. Əvət, öylə müqəddəs rəhbər ki, bir yanında qanlı Mussolini, bir yanında cihangir kral!.. Sən də onların püskürtdüyü yanğınlara neft sərpən müqəddəs bir dəllal!.. İb lis. Hiç zərər yoq. Mən bu təhqirlərə dayanıram. Sağ yanağıma sillə vursalar, solunu çevirməyə hazıram. Sədr. Vaqt azdır, məsələyə keçəlim. İb lis. Biz əgər ümumi və daimi sülh istəyirsək, yalnız iki yol var: əvvəla hiç bir yerdə inqilabi hərəkata yol verməmək, ikinci müharibə qızışdıranlar ilə yumşaq rəftar etmək... Sovetnümayəndəsi (qızğın). Xayır, bizə əl uzadanların dişləri qırılacaqdır. Sədr (zilə basaraq). Rica olunur, natiqi kəsməyəsiniz! (İblisə) Cənab, bitirin! İb lis. Daha nə söyləyim? Anlayanlar için bu qadar kafidir. (Mə’yus adımlarla yerinə keçər) Üçüncüşeytan. Ah, onu incitdilər. Dördüncüşeytan. Bu mədəniyyətsizlikdir. Sədr (zilə basaraq). İmdi söz Almaniya nümayəndəsinindir. Nümayəndə xitabət yerinə keçər. Üçüncüşeytan (yanında oturan İblisə). Bu nə? Sən dəmi sülh istəyənlər sırasına keçdin? Sən dəmi hissiyyata qapıldın? Dördüncüşeytan. Öküz! Sən o incəliyi anlamazsın. İb lis. Əvət, öylə tərs adamlar var ki, sülhə çağırsan hərb istər. Üçüncüşeytan. Bağışla, imdi anladım. Dördüncüşeytan. Göz dəyməsin, baş var ha!.. İb lis. Susunuz! Birincialman (məğrur və sərt bir ahəng ilə). Həzərat! Hər kəs kibi Almaniya xalqının da sülhə böyük ehtiyacı var. Lakin bizim ölkədə yaşayış getdikcə ağırlaşır. Bu acı həqiqəti bilməyən yoqdur. Burada sevgidən, mərhəmətdən bəhs etdilər. Bu bir xəstəlikdir. Həqiqi sülhü əldə etmək için hər kəsin haqqı tə’min olunmalıdır. Bizə hüquq və topraq verilmədikcə, barışıqdan söz açmaq yersizdir. Birinci İt alyan. Doğrudur, doğrudur. İk inci İt alyan (işçi). Hiç də öylə deyil. Birinciyapon. Natiq yanılmayır. Hər ölkənin ehtiyacı ödənilməlidir. İk inciyapon (işçi). Fəqət başqasına təcavüz edilməməli! Sədr (zilə basaraq). Yerinizdən söyləməyin. Birincialman. Biz tə’min olunmadıqca, Avropa divlətləri sülh və əmniyyət görəməyəcək. Kommunizm qorqusu, inqilab hərəkatı hər ölkəyi titrədəcək, hər kəsi düşündürəcəkdir. İk incialman (işçi... yerindən). Xayır, səni qorqudan bu üzüntülər, alman əməkçilərini qorqutmayır. Onların kimi işsizlikdən bunalmış, kimi zəncirlər altında inləyir. Birincialman. Boşboğazlıq yetər. Almanlıq şərəfini itirənlərlə mənim işim yoqdur. İk incialman. Mən də hitlerçilər izilə sürünməkdə hiç bir şərəf görməyirəm. Birincialman. Bu cəsarət sənə ucuz oturmaz. İk incialman (ortaya fırlar, yumruğunu sıqaraq). Biz kimsədən qorqmayırıq. Sədr (zilə basaraq). Həzərat! Harada olduğunuzu düşünməlisiniz. Birincialman. Mən düşünürəm. Yalnız ipsizlər, sayğısızlar düşünə bilməyir. İk incialman. Sayğısız olsam da cəllad deyilim. Sədr (zilə basaraq). Mən kimsəyə söz verməyirəm. İntizamı pozanlar məclisdən çıqarılacaqdır. Birincialman. Onsuz da mən çıqmaq istəyirəm. Burada durmaq qan qaraltmaqdan başqa bir şeyə yaramaz. Birinci İt alyan (yerindən qalqar). Əvət, sıra-sayğısı olmayan məclisdə oturulmaz. Birinciyapon (qalqar). Haydı, mən də sizinlə bərabər. Hər üçü kinli baqışlarla çıqıb gedər. Sədr. Cənablar! İclası bitirmədən əvvəl sizə bildirməliyim ki, bu yersiz çıqışlar təəssüfə layiqdir. Arif. Onlar buraya sülh için deyil, çəkişmək için gəlmişlər. Fransızsosyalist. Bu çəkişmələrin önü alınmazsa, bütün ölkələr üzərində qara bulutlar oynaşacaq, milyonlarca insanlar qan və ölüm tufanında qol-qanat çalacaqdır. Sima (qalqaraq). Vəhşi heyvanlar belə sevgi və mərhəmətdən anlarkən, niçin insanlar bu qədər alçalır? İb lis. Çünki vəhşilərdən də vəhşidirlər. Həqiqi insan hər fənalığı əfv etməlidir. Sovetnümayəndəsi (kinayəli və qızğın). Əvət, əgər hər kəs insanlıq şərəfini anlasaydı! Anlaya bilsəydi!? Halbuki, faşizm cəlladları insan kəmikləri üzərində özlərinə heykəl yapdırmaq istəyirlər. Əcəba, quduz bir canavar, şahə qalqmış bir ilan əfvə layiqmi?.. Xayır, əsla!.. Nə olursa-olsun o canavarların dişləri qırılmalı, o ilanların başları qoparılmalıdır. Pərdə * * * Dördüncü pərdə İsveçrədə parlaq və möhtəşəm bir salon... Səhnədə üstü içki və məzələrlə dolu üç masa görünür. İçəridə daha geniş salon, masalar və dans yerləri var. Sol Masada ArifləRə ’ n a... Sağda alman, italyan və yapon nümayəndələri... Ortada ingiliz lordu yalnız oturmuşdur. Arif. Nə məraqlı bir səyahət! Gör təsadüf bizi haralara gətirib çıqardı. Bir yandan Ispaniya faciələrini seyr etdik, bir yandan sülh qurultayını dinlədik. Imdi Isveçrənin parlaq salonlarındayıq. (İçəriyi göstərir) Baqsana, onların çoqu cəmiyyəti-əqvam ə’zalarıdır. R ə’ n a. Təəssüf ki, bu adamlar sülh için az iş görmüşlər. Arif. Məncə bu cəmiyyətə diplomatlar birjası demək daha doğrudur. (Qapıya baqaraq) İştə Sovet və fransız nümayəndələri!.. (Gələnlərə yer göstərir) Buyurun, bərabər oturalım. Sovetnümayəndəsi. Rahatsız olmayın. Arif. Rica edirəm. Fransıznümayəndəsi. Çoq gözəl. (Əl verib otururlar) İb lis (gəlir, ingiliz lorduna yaqlaşır). Müsaidə buyurulurmu? Lord. Sizinlə görüşmək böyük səadətdir. İb lis. Düşüncəlisiniz, gözlərinizdən intizarlıya bənzəyirsiniz. Lord. Gözəl Simayı bəkləyirəm. İb lis. Möhtərəm lord! Siz dəmi ona vuruldunuz? Lord. Təbii deyilmi a? İb lis (kinayəli gülüşlə). Əvət, anlayıram. Lord. Söylə baqalım, siyasət aləmində nələr var? İb lis. Dünya getdikcə qarışmaq üzrədir. Hər halda ayıq davranmalısınız. Lord. Məraq etmə, ingilizlər hiç bir zaman siyasi müvazinəyi gözdən qaçırmaz. İb lis. İnanıram cənab lord! Sizdəki zəka bəllidir. Lord (soğuq gülüşlə). Biz gərək sülh, gərək hərb zamanlarında fürsətdən istifadə edilməsini gözəl bilirik. (Qədəhləri konyakla doldurur) Şərəfinizə! İb lis. Təşəkkür. (İçərlər) SimaTuncərlə bərabər gəlir Lord. İştə gözəl Sima! Onun hər duruşu, hər baqışı, hər süzülüşü, hər qıvrılışı gönlümdə dərin izlər bıraqır. Lakin, bu Tuncər dedikləri əsla məni açmayır. İb lis. Əvət, o sanki inqilab mə’nasını təcəssüm etdirən bir heykəldir. Lord (Simaya qarşı əyilərək yer göstərir). Buyursunlar. Sima. Xayır, biz ayrı oturmaq istərik. Sovetnümayəndəsi (yaqlaşır). Bizimlə oturun. Fransıznümayəndəsi. Lütfən... Arif. Rica edirik. Sima. Çoq gözəl. (Əl verib otururlar) Fransıznümayəndəsi. İsveçrə mühiti sizdə nə kibi tə’sirat bıraqdı? Sima. Burada az-çoq gönlüm açılmağa başladı. Bu ölkənin gözəlliyi və sülhpərvərliyi məraqsız deyildir. Sovetnümayəndəsi. O halda bizim Sovet mühitini daha çoq sevərsiniz, çünki orada sizi sevənlər çoqdur. Sima. Təşəkkür edirəm. Arif (xüsusi). Sən bir günəşsin ki, səmimi könüllər ancaq sənin kölgəndə ısına bilir. Sima. Çoq lütfkarsınız. Arif. Daha doğrusu pərəstişkarım. R ə’ n a (yana). Oh, mənə qarşı nə sayğısızlıq!.. Yaralı gönlümü yenidən qanatmaq istəyir. (Qalqır, yanındakılara) Bağışlayın, sizdən ayrılmalıyım. Sima. Nə oldu? Kefsizmisin? R ə’ n a. İstirahətə ehtiyacım var. Arif. Yalnız gedə bilirmisin? R ə’ n a (soyuq). Əvət. Tuncər. Müsaidənizlə mən də bərabər gəlirim. R ə’ n a. Zəhmət etməyiniz. Tuncər. Hiç bir zəhməti yoq. (Gedərlər). Muzika... Salonun hər tərəfindən erkəklər, qadınlar rəqs etməyə başlar. Almannümayəndəsi (Simayı rəqsə də’vət edər). Rica edirəm. Sima. Bağışlayın! İt alyannümayəndəsi (yaqlaşır). Lütfən! Sima. Xayır, oynayamam. Yaponnümayəndəsi (əyilərək). Təbii məni rədd etməzsiniz. Sima. Çoq yorğunum. Hər üçü iç salona keçib başqa xanımlarla rəqs edərlər. Lord (İblisə). Məğrur qız, hər üçünü rədd etdi. İb lis. Zənnimcə sizi rədd etməz. Lord. Kim bilir!? (Doldurduğu qədəhi qaldırır) Yaşasın gözəllik və sülh pərisi! İb lis. Xayır, hərb ilahının şərəfinə içəlim. Lord. E’tiraz yoq. İçərlər. Getdikcə muzikanın səsi alçalır, qaranlıqlar içində rəngarəng qıvılcımlar uçuşmağa başlar. İb lis (yerindən qalqaraq yüzünə düşən qızıl alav parıltısı altında, coşğun və sərxoşca ahəng ilə). Alqış sevda gecələrini oqşayan qaranlıqlara! Alqış qaranlıqlar içində süzülən sevimli işıqlara! Alqış ipəklər içində qıvrılan qanatsız quşlara! Alqış oynaq və incə ayaqlardakı nazlı uçuşlara! Alqış vurğun gönülləri avlayan süzgün elmaslara! Alqış qönçə dodaqlardakı meyxoş ehtiraslara! Alqış sevinc dalğalarında qopan gizli tufanlara! Alqış tatlı busələrdə çırpınan dəli həycanlara! Alqış odlu küməslərə sığınan bayğın tavuslara! Alqış incə bellərə sarılan çılğın kabuslara! Alqış yer yüzünü sarsıdan qorqunc ilhamlara! Alqış ölüm və cəhənnəm püskürən kinli intiqamlara! Rəqs bitər, alman, italyan və yapon diplomatları son sözləri dinlər. İblisə qarşılıq söyləyərək ayrı-ayrı qucaqlaşıb öpüşürlər. Almannümayəndəsi. Eşq olsun dəmir və qan şüarilə köpürən al qanlara! Eşq olsun zəfər və qalibiyyət için patlayan vulkanlara! İt alyannümayəndəsi. Eşq olsun sana!.. Səndəki qüdrət və bəlağətə! Yaponnümayəndəsi. Eşq olsun bizə qarşı bəslədiyin sədaqətə! Sovetnümayəndəsi (nifrətlə qarışıq kinayəli ahəng ilə yanındakılara). Eşq olsun intiqam və ölüm sərxoşlarına! Eşq olsun dəhşət və kin bayquşlarına! Arif. Eşq olsun fəlakətlərdən səadət umanlara! Eşq olsun məzlum qanilə bəslənən kor vicdanlara! Sima (sarsılmış bir halda qalqaraq). Ah, bu acı kinayələr gönlümdə zəhərli izlər bıraqdı. Savaş meydanlarında gördüyüm vəhşətlər gözlərimdə canlandı. Bu şən və parlaq salon məni bir zindan kibi, bir məzar kibi sıqmağa başladı. (İblis ilə diplomatları göstərir) Hələ onlar!.. Onların dikənli sözləri, atəşli qırbaclar kibi beynimi yaqdı. Sovetnümayəndəsi. Rica edirəm, öylə həzyanlara qulaq verməyin. Sima. Xayır, getməliyim. Mən o çirkin hərəkətləri soyuq qanla tamaşa edəməm. Arif. Yerimizi dəyişdirəlim. Fransıznümayəndəsi. İçəriyə keçəlim. Sima. Rahatsız olmayın, bir az təkbaşıma hava almaq istəyirəm. (Əl verir) Arif. Yalnızmı? Sima. Tuncər gəldi, bərabər çıqarıq. Sovetnümayəndəsi. Çoq təəssüf!.. Bu hiç yaqşı olmadı. Sima. Zərər yoq, sonra görüşərik. (Çıqarlar) Lord (heyrətli baqışla Simayı arqadan süzərək). Aman nə qadar cazibəli, nə qadar şairanə!.. Fransıznümayəndəsi (lordun yanına keçərək). Əvət, o bir cənnət quşudur. Almannümayəndəsi. Mən onu bir qartal kibi pəncəmdə xırpalamaq istərdim. İt alyannümayəndəsi. Xayır, o eşsiz gövərçin mənim könlümdə yuva yapmalıdır. Yaponnümayəndəsi. Məncə ən parlaq gözəllər də yalnız qüvvətə qarşı əyilirlər. Fransıznümayəndəsi. Sima o qadar yüksək ki, hiç bir qüvvətə qarşı əyilməz. Almannümayəndəsi (yumruğunu şiddətlə masaya vurub bağırır). Xayır, əyilər, əyilməzsə məcbur edərik. Lord. Cənab! Bir az centlmen olmalı!.. Bu hərəkət yüksək cəmiyyətlərə yaraşmaz. İb lis. Əvət, qüvvət və qalibiyyətdən bəhs edənlər hünərlərini salonlarda deyil, müharibə meydanlarında göstərməlidir. Almannümayəndəsi. Biz gücsüz və aciz deyilik. İb lis. Əfsus ki, bir əngəliniz var, o da ölkə daxilindəki işçi və əməkçilərinizdir. Onları qandırıb aldatmadıqca müvəffəqiyyət çətindir. Almannümayəndəsi. O xüsusda sənin yardımına böyük ehtiyac var. İb lis. Xayır, o işlərdə cənab Trotski məndən daha mahirdir. Əməkçilər və işçilər arasında olmasa da, kapitalistlər və imperialistlər yanında az-çoq nüfuzu var. Lord. Gözəl tanıyırıq, iste’dadsız adam deyil. İt alyannümayəndəsi. O bizim əziz və dəyərli dostumuzdur. Yaponnümayəndəsi. Həm də bir çoq düşüncələri bizim siyasətə uyğundur. Almannümayəndəsi. O, qoca və təcrübəli bir sosiyalistdir. Arif. Fəqət ordusuz bir komandan!.. Gəmisiz bir kapitan!.. Sovetnümayəndəsi (Ariflə bərabər getməyə hazırlanaraq, kinli və qızğın). Xayır, xayır... O, sosyalizm üfüqlərini ləkələyən qara bulutdan başqa bir şey deyil. O, məsləkini şöhrətə satan bir dəllal, əmək dünyasını aldatan nankör bir zavallıdır. O, faşizm qapılarında sürünən yaltaq bir casus, cihan proletarlarına yeni zəncir hazırlayan şərəfsiz bir məxluqdur. Pərdə * * * Beşinci pərdə İsveçrədə yüksək və möhtəşəm üslub ilə süslənmiş böyük bir oda... Qarşıda ipəkli pərdə arqasında yataq odası bulunur. Sima ən zərif bir qiyafətdə olaraq masa yanında, əli alnında düşüncəyə dalmış. Gecə... Xidmətçiqız (əlində bir gül dəməti girər). Müsaidənizlə Arif sizi görmək istəyir. Sima. Gəlsin. Xidmətçiqız (qapıya). Buyurun. Arif (girər, əl verir). Aqşamınız xeyir. Sima. Xeyrə qarşı. Arif. O nə?.. Gözlərinizdə həyəcanlı izlər var. Sima. Onlar məni rahat bıraqmayırlar. (Sinirli) Ah, onlar. Onlar... Arif. Lütfən söylərmisiniz? Kimdir onlar? Sima. Keçən aqşamki həriflər!.. Alman, yapon və italyan diplomatları! Arif. Burayamı gəlmişlərdi? Sima. Əvət, öncə müsaidə istədilər, qəbul etmədim, həyasızcasına içəri soquldular, yüz vermədim, sevgidən söz açdılar, yüzümü çevirdim. Qorqutmaq istədilər, aldırmadım. Nəhayət qızğın və kinli adımlarla çəkilib getdilər. Arif. Nə ədəbsizlik, nə tərbiyəsizlik!.. Xidmətçiqız (bir kart-vizitilə gəlir). Sima (baqar). İngiliz lordu! (Qıza) Söylə rahatsızdır. (Qız çıqar, Arifə) Mən o soyuq və məğrur hərifin ikiyüzlü siyasətində, ikimə’nalı sözlərində hiç bir səmimiyyət görmədim, o daima ciblərini sülh eşqinə üstün tutmaq istər. Arif. Əvət, haqsız deyilsiniz. (Bu sırada qapı barmaq ucilə vurulur) Sima. Gəliniz. Tuncər (girər). Müsaidənizlə, bizim əməkdaşlar sizi görmək istəyir. Sima. Gəlsinlər. Tuncər (qapıya). Haydı, yoldaşlar! Təyyarəçi, topçu, tankçı, bəhriyyəli, əskər, başıbozuq hər rütbəyə, hər vəzifəyə, hər milliyyətə mənsub çeşit qiyafətli işçilər və əməkçilər içəri girər. Sima. Əhvalınız? Əməkçilərdənbirqismi. Təşəkkür! Tuncər. Bunlar inqilab yavruları, əmək qəhrəmanlarıdır. Hamısı bir nəfər kimi sizə hörmət bəslər. Sima. Var olun, mənim gönlüm daima sizinlədir. Tuncər. Sülh uğrunda candan-başdan keçməyə hazırız. Bizi sıqmaq istəyənlər bulunursa dəmir pəncəmizdə ilan kibi qıvrılacaq, məhv olacaqdır. Hamısı (yumruqlarını sıqaraq). Əvət, məhv olacaqlar! Tuncər. Yetər, biz bu gündən sonra kölə olmayacayıq, hiç kimsəyə əyilməyəcəyik. Hamısı. Xayır, əyilməyəcəyik. Sima. Təbii, dəmir biləklərə, bükülməz qollara zəncir yaraşmaz. Bütün bəşəriyyətin səadət və qurtuluşu ancaq nasırlı əllərdə, ancaq dünya əməkçilərinin birləşməsindədir. Tuncər. Yaşasın birlik, məhv olsun xainlər! Hamısı. Məhv olsun! Tuncər (yoldaşlarına). Gedəlim. Sima. Haraya? Tuncər. Aşağıda mənim odamda müşavirəmiz var. Sima. Nə müşavirə? Tuncər. Faşizm Almaniyasilə Yaponiya imperatorluğu, Sovetlər İttifaqına qarşı yeni hərb müahidəsi bağlamış, hər iki tərəfdən inqilab yurdunun coşğun alavlarını söndürmək istəyirlər. Sima. Ah demək daha qorqunc yanğınlar, daha qanlı səhnələr hazırlanır, öyləmi? Tuncər. Zərər yoq, onlar bizə taqmaq istədiyi zəncirləri er-gec öz qollarında görəcəklər. (Yoldaşlarına) Gedəlim. Sima. Gediniz, sizə uğurlu günlər dilərim. (Onlar çəkildikdən sonra, Arifə) Lütfən mənə yardım et. Arif. Aman nə oldu? (Təlaş ilə qolundan tutar) Sima. Bu acı xəbər sanki qəlbimin tellərini qırdı, yenə gözlərimi qan və ölüm dalğaları sarmağa başladı. (Məndil ilə gözlərini silər) Arif. O nə, ağlayırmısın? Sima. Xayır, bir az mütəəssir oldum. (Başını Arifin köksünə dayar) Arif. Aman, sinirlərin nə qadar zəif!.. Səndə çocuqca bir həssaslıq var. R ə’ n a (qapı arasında görünür. Arifin sözlərini dinlər. Yana). Səndə də umulmaz bir sapqınlıq var. Arif (Rə’nayı görür). Niçin gəldin? Sən buraya niçin gəldin? R ə’ n a. Sənin eşqini, xəyanətini alqışlamaq için. Arif. Bir az özünə gəl! Sən həqiqəti görməkdən acizsin, qısqanclıq səni kor etmişdir. R ə’ n a. Bil’əks, ehtiras dumanı sənin gözlərinə pərdə çəkmişdir. Ona vurulduğun gündən bəri mənə gün verməyirsən. Sima. Xayır, Rə’na, Arif sənindir. Daima sənin olacaqdır. R ə’ n a. İstəməm, uf istəməm. Hiç bir nəvaziş istəməm. (Çıqıb gedər) Sima. Arif! Sən də get, onu yalnız bıraqma! Arif. Çoq gözəl, gedərəm, lakin harada olsam gönlüm səni özləyəcəkdir. (Onun əlini öpər, həsrətli baqışla) Əlvida!.. Sima. Gülə-gülə... Sizə sevincli gönüllər dilərəm. (Arif çıqar. İşıq azalır) İb lis (alavlı qiyafətilə pərdə arqasından çıqar). Müsaidə varmı? Sima (diksinərək). Ah, sən buraya haradan girdin? İb lis. Hər yerdən. Hiç bir qapı və divar mənim qarşımda əngəl olamaz. Mən bir anda Çin səddindən Eyfel bürcünə uçaram. Gözlərini yumub-açınca, Himalaya dağlarını aşaraq Mühit dənizlərini keçərəm. Mən əngin fəzalara dalıb, bir nəfəsdə günəşləri, kəhkəşanları dolaşaram. Sima. Sən əfsanələrdənmi doğdun? Yoqsa hər gün bir rola girən artistmisin? İb lis. Əvət, öylə bir artistim ki, hər rolda dahiyanə məharətlə şöhrət buldum. Hər səhnədə daima qalib və müvəffəq oldum. Hər işvəkar mənim alavlı pəncəmdə qıvrıldı. Bütün gözəllər mənim qucağıma atıldı. Lakin sənin gönlün, sənin sevgin hər gün mənə, mənim möhtəris duyğularıma üzüntü verməkdədir. Səni qollarım arasında görmədikcə səadətin varlığına inanamayacayam. Sima. Sənin gözlərində xəyanət qıvılcımları parlayır. Əllərində qan ləkəsi var. Çəkil buradan, məni yalnız bıraq. İb lis. Nə fərqi var? Mən çəkilsəm başqası gələcək. Hiç bir gönül sənə pərəstişkar olmaya bilməz. Sima. Mən sənə nifrət edirəm. İb lis. Nifrətlə məhəbbət bir-birinin əksi olsa da, ifadə etdikləri mə’na birdir. Sima. Sən hər gün rəngini dəyişdirən canbaz bir feyləsofsun. İb lis (gülərək). O hansı fəlsəfədir ki, daimi və sabit olsun? Dünyada hər şey dönüb dolaşır, biz də bərabər. Bütün həyat aqıb dəyişir, biz də içində. Sima. Sən şər elçisi, fəlakət bayquşusun! İb lis. Unutma ki, hər şərri bir xeyir izlər. Hər səadət bir fəlakətlə qiymətlənir. Təzad həyatın ahəngidir. Bizə gülümsəyən hər bahar dəhşətli bir qışdan doğar. Qaranlıq gecələr olmasaydı, gözləri oqşayan yıldızlar bunca sevilməzdi. Şübhə yoq ki, sən də o parlaq yıldızların ən sevimlisi, ən gözəlisin. Sima. Yetər! Bu sözləri şairlər o qadar çeynəmiş ki, artıq qulaqları tırmalayır, eşidənlərə usanc verir. İb lis. Əvət, hiç yanılmayırsan, munis və səmimi hərəkətlər şairanə sözlərdən daha dəyərlidir. (Qollarını açaraq yaqlaşır) Gəl, yaqın gəl, bir kərə də olsa... Sima (onun sözünü yarıda kəsərək). Yaqlaşma! Sənə baqdıqca qəlbimə atəşli dikənlər sancılır. İb lis. Atəşsiz yaşayış olmaz. Mən öz atəşimlə səni aşılamaq istəyirəm. Sima. Uf, yürəyim patlayacaq, haydı, çıq buradan! Çıq, gözüm görməsin. İb lis. Təlaş etmə! Mən çıqsam da başqası girər. Günəş batdığı yerdə yalnız qaranlıqlar çökər. (Masa arqasında durduğu halda yavaşyavaş enərək görünməz olur) Sima (şaşqın). Nə dəhşətli mənzərə!.. Mən rö’yamı görürəm? Bu sırada başdan-ayağa qara örtünmüş, əlləri silahlı dört adam girər. Birinciqarageyimli. Gəliniz, o burada. Sima. Ah, siz kimsiniz? Nə istəyirsiniz? İk inciqarageyimli. Sənin ölümünü! (Əllərində revolver nişan alırlar) Üçüncüqarageyimli. Durun, o mənim əlimdə həlak olacaq. Dördüncüqarageyimli. Xayır, o bizimlə bərabər gedəcək. Birinciqarageyimli. Haydı, fürsəti qaçırmayalım. (Hücuma hazırlanır) Sima. Toqunmayın, mənə toqunmayın! Birinciqarageyimli. Bağırma, sus! İk inciqarageyimli. Sənin hər parçan bir əldə olacaq. Dördüncüqarageyimli. Incitməyin, o təslim olacaq. Üçüncüqarageyimli. Mərhəmət zəiflikdir. Xidmətçiqız (qapı arasından baqar, təlaş ilə). Ah, dəhşət!.. (Geri dönər) Üçüncüqarageyimli (əlindəki iri bıçağı Simanın köksünə saplamaq istər). Onu mən susdurmalıyım. Dördüncüqarageyimli (mane olurkən). Toqunmayın, yazıqdır. Gözilə “Vur” işarəti verir, hər yandan hücum edərlər. Sima. Alçaqlar, vicdansızlar!.. Birinciqarageyimli (revolverlə qorqudur). Kəs səsini! (Deyə yaqalayıb boğmaq istərlər) Sima (acı fəryad ilə). Ah, can qurtaran yoqmu? Tuncər (yoldaşlarilə bərabər içəri soqularaq). Oh, qatillər! Uğursuzlar!.. Durun, kimsə yerindən tərpənməsin!.. Hiç birinizə qurtuluş yoqdur. (Simayı əllərindən alaraq) Sima! Sevimli dilək pərisi!.. (Yoldaşlarına) Açın bunların kirli maskalarını! (Birər-birər açarlar. Tuncər kinayəli səslə) Əvət bəlli, bu italyan dostumuz!.. Bu da yopon nümayəndəsi!.. Bu da əli bıçaqlı alman!.. Bu da... sülhü sevən ingiliz lordu!.. (Onları üstdən-aşağı süzərək) Nə şərəfsizlik! Hiç utanmadınızmı? İnsan böylə mə’sum qıza qıyarmı? Sizdə nə mərhəmət var, nə də vicdan. (Yanındakılara) Haydı! Bağlayın qollarını! (Bağlarlar) Bu halda Sovet nümayəndəsi qapı arasında görünür. Kimsə onun gəldiyini sezməz. Lord. Bağlayın, məndə bir suç yoq. (Yoldaşlarını göstərir) Bunların tə’sirinə qapıldım. Tuncər. Onu sonra mühakimə edərik. Lord. Simaya sorunuz, mən onu qorumaq istədim, qurtarmaq istədim. Tuncər. Sonra baqarıq, eşitmədinmi? Lord. Öylə isə protesto edirəm. Tuncər. İmdi protestoya baqan yoqdur. Sima (təlaş ilə). Tuncər! Bunlara nə cəza veriləcək? Ölümmü? Tuncər. Ölümdən daha ağır, daha dəhşətli bir cəza varmı? Sima. Saqın, hiç birinə toqunulmasın. Mən yalnız o könüllərə vurğunum ki, qan izini yer yüzündən silsin, silə bilsin. Açın qollarını, hamısını azad bıraqın. Tuncər. Əsla mümkün deyil. Biz bunlara öz əllərimizlə cəza verməliyik. Sovetnümayəndəsi (iləri gəlir). Xayır, siz deyil, onlar... Bəli onlar... Hər ölkənin əzənləri və əzilənləri var. Bizim intiqam təktək insanların deyil, milyonların intiqamıdır. (İtalyan diplomatının qolundan tutaraq italyan qiyafətli bir işçi ilə bir təyyarəçiyə verir) Alınız, bu siz italyanların!.. (Alman diplomatını alman tipli bir əskərlə, bir topçuya verir) Bu da siz almanların!.. (Yapon diplomatını yapon qılıqlı bir işçi ilə bir balıqçıya verir) Bu da siz yaponların!.. (Lordu da ingiliz matroslarına verir) Bu da siz ingilizlərin!.. (Tuncərlə yoldaşlarına) İştə bunlara, bu qara yüzlü kabuslara biz deyil, ancaq öz vətəndaşları, öz əməkçiləri cəza verməlidir. Bütün dünya bilir ki, biz hər şeydən əvvəl sülh tərəfdarıyıq. Lakin bu maskalı xainlərlə əlbir olan faşizm generalları yeni bir yanğın, yeni bir müharibə hazırlarsa, əmək qəhrəmanlarımız bu həyasızlığa qarşı seyirci qalmayacaq. Yıldırım sür’ətilə mübarizə meydanına atılacaqdır. Həm də döyüş səhnəsi inqilab yurdunda deyil, faşizm ölkələrində olacaqdır. (Tuncərlə yoldaşlarına) Əvət, sizlər!.. Sizinkilərlə bərabər bütün cihan əməkçiləri əmin olmalıdır ki, sülh düşmanlarının bulanıq, qanlı dalğaları bizim hüdudun pulat divarlarına çırpılıb qırılacaq, azğın orduları da er-gec sərab olmuş ümidlər kibi sarsılıb məhv olacaqdır. Pərdə * * * Kitabxana.az · https://kitabxana.az/collections/cavid-iblisin-intiqami İctimai mülkiyyət (müəllifin vəfat ili: 1941). Public domain (author died 1941). Original text only.