Knyaz Hüseyn Cavid (1882–1941) Knyaz Ə Ş X A S K n y a z – yucaboylu, qarasaçlı, məğrur baqışlı, möhtəşəm bir gürcü tipi, 40 yaşında. J a s m e n – Knyazın ikinci hərəmi, 22 yaşında. L e n a – Knyazın qızı, əvvəlki hərəmindən, 19 yaşında. S o l o m o n – Knyazın dayısı, 60 yaşında. A n t o n – Bağçavanın oğlu, texnik, 27 yaşında. M a r q o – Antonun anası, ağsaçlı, milli qıyafətdə, Knyazın xidmətçisi, 50 yaşında. Ş a k r o – Knyazın yaqın adamlarından, müxalifətçi sosialist, kösə, 35 yaşında. İ x t i y a r a l m a n – 70 yaşında, bir qolu yoq. A l m a n q a d ı n ı – 45 yaşında. S a r ı ş ı n a l m a n q ı z ı – Onun qızı, 19 yaşında. B i r i n c i i ş ç i I k i n c i i ş ç i K ö y l ü K i n t o X ə f i y y ə M i s a f i r İşçilər, milislər, xidmətçilər, musiqiçilər, misafirlər, müştərilər və başqaları. * * * Birinci pərdə -Tiflisdə ətrafı yeşillik, çiçəklərlə süslü geniş bir qəməriyyə. Yıldızlı bahar gecəsi… Üstü içki və məzələrlə dolu bir masa, üzərində elektrik lampası… K n y a z ağ əlbisə geyinmiş, milli qıyafətdə, ağ qalpağını sandaliyə üzərinə bıraqmış alafranqa geyimli Solomonla qarşı-qarşıya oturub içərlər. Hər dəfə də uzun saplı qədəhləri bir-birinə vurub cınqırdamasından zevq alarlar. Şıq geyimli xidmətçi qız şərab və məzə gətirir. Milli qıyafətli Ş a k r o ilə M a r q o da bəzən yardım edər. Bağçanın uzaq guşəsində kamanda həzin və lirik nəğmə çalınır, Knyaz xidmətçi qızın doldurduğu qədəhi qaldırır, nəşəli bir tövrilə Solomona.* K n y a z İştə gülgün qədəh, ey xanəxərab! Bulunur şey deyil əsla bu şərab. Şimdi fürsət var ikən iç!.. Bir gün Görəcəksin bu sönük ömrü sərab. S o l o m o n İçəlim, bəlkə təsəlli buluruz, Bəlkə qəmdən, acıdan qurtuluruz. Bir günün zevqinə dəyməz dünya. İçəlim, sonra peşiman oluruz. İçərlər, təkrar qədəhlər dolur. K n y a z Həp düşündükcə boğar ruhu soğuq, Qaba, ıssız və dərin bir boşluq. O dərin boşluğu bir dolduracaq Varsa… yalnız əbədi sərxoşluq… S o l o m o n İştə xilqət dolu bin dürlü təzad. Hər sevincin sonu müdhiş fəryad… Badə ver, badə, şu divanə könül Coşaraq qayğıdan olsun azad. M a r q o (gəlir, Knyaza) Beş nəfər var, sizi bəklər qapıda. K n y a z Nə için? M a r q o İşləri varmış. K n y a z Əcəba?! (Şakroya) Şakro! Çıq, gör nə diyorlar. Ş a k r o Bu saət. J a s m e n ağaclar arasından çıqar. Onları qumral saçlı başı ilə salamlar. J a s m e n Nə qadar nəş’əli rindanə həyat. Knyaz və Solomon qədəhlərini qaldırırlar. K n y a z Yaşa, afət çiçəyim! J a s m e n Nuş olsun! (Gedər.) S o l o m o n Bu nə səfvət, nə məlahət, nə füsun! Taleyin varmış, əzizim, Jasmen Daha dilbərdir ölən zevcəndən. K n y a z Tale əfsanə, cəsarət lazım, Bir az altunla məharət lazım… S o l o m o n Orta az erməni xalqında… ya pək Soyuq, ölgün oluyorlar gerçək, Yaxud ən işvəli, cazib, tənnaz, Başqa, pək başqadır onlardakı naz. K n y a z Çoq adam var ki, çiçək toplar ikən, Qanatır səmli dikən əllərini. Çalılıqlarda gəzirkən birdən Cəzb edib durdu bu tər qönçə bəni. Əvət, üç yıldı ki, ölmüş zevcəm, Qızım olmuş bana yalnız həmdəm. Anıyorkən o sönən annəsini, Bənzədirdim neyə titrək səsini. Bir mayıs də’vət edildim Batuma, Keyfə daldım səhər-aqşam… amma Yenə gönlümdə yetimlik vardı, Bəni Jasmen acıdan qurtardı. Kəndi mülkümdə dolaşmaqda ikən, Sərxoş oldum duyulan bir səsdən. O gözəl səs bəni məftun etdi, Yeni bir eşq ilə məcnun etdi. Gərçi qız erməni… adət gürcü, Söyləyiş gürcü, təbiət gürcü. O zamandan ki, sevişdik, bilsən Yenidən bir daha gənc oldum bən. Bə’zi avropalı bilgic qafalar Bəlli, gəncləşmək için çarə arar. Pək qolay çarəsi, yalnız, yalnız Olsa həmdəm sana şən bir yıldız. S o l o m o n Bana baq, altmışa varmaqda yaşım, Sana bən həm dayı, həm arqadaşım! Gördüyüm təcrübələr pək qarışıq, Hər qaranlıqda gülümsər bir işıq. Hər qadın cilvəsi bir tatlı xəyal, Başqa, pək başqadır onlardakı hal. Şən, gözəl bir qadının xoş baqışı, Bir mayıs göstərir ən sisli qışı. Qadın istərsə dikənlər gül açar, Qızacaq olsa; ölüm, fitnə saçar. K n y a z Jasmenin fitnəsi yoq, hiyləsi yoq, Bil’əkis, işvəsi çoq, nəş’əsi çoq. Incə bir köylü müəllim qızıdır, Qafqazın cilvəli bir yıldızıdır. S o l o m o n Şu sürəksizcə ömürdən ancaq Sana tək nəş’əli dəmlər qalacaq. Xoş keçin, zevqinə baq hər yerdə, Dünkü çarlar və krallar nerdə? K n y a z Solomon! Nəş’ə kədərdən daha az… S o l o m o n Yenə ən nəş’əli sənsin, Knyaz. Knyaz dolu qədəhi əlinə alaraq qafasını oynatır. K n y a z Hər gələn bir yeni tüğyan ediyor, Gündə bir səltənət əldən gediyor. Bəkliyorkən şu qədəhlər küskün Bizə, yoq şübhə ki, divanə diyor. S o l o m o n Hər baharın sonu matəmli xəzan, Hər visalın sonu ıssız hicran. Bir həqiqət deyə tapdıqlarımız Yarın, əfsus, olacaq süslü yalan. -İçərlər. J a s m e n daha şux qıyafətdə gələr, əlindəki qızılgül dəmətini masa üzərinə bıraqaraq incə qəhqəhələrlə.* J a s m e n Mey sonulduqca doqar zevq, nişat, Ölülər içsə bulur tazə həyat. (Qədəhləri kəndisi doldurur.) K n y a z İçəlim, badə verir ruha qida, Varsın, olsun, məzəmiz işvə, əda! Çınlıyırkən şu qədəhlər, sanırım Əks edər könlümə çılğın sevda. S o l o m o n Badə xoşdur, ola saqi yalnız Nəş’ələr yavrusu şaqraq bir qız. Içəlim, baq, şu üfüqlər nə gözəl, Bizi həsrətlə süzər ay, yıldız. Jasmenin şərəfinə içərlər. Sağ olun, həp var olun! J a s m e n Nuş olsun! K n y a z (Jasmeni süzərək) Yaşasın hüsn, füsun! J a s m e n Nuş olsun! Bu zaman bağça tərəfdən kaman səsi ilə həmahəng olaraq qarşıkı nəğmə söylənilir. İ n c ə s ə s Vəhşi bir gül olsam, ətrafım dikən, Həsrətlə süzərdi hər görən bəni. Q a l ı n s ə s Bən bir yolçu olub yoldan keçərkən, Qoparıb köksümə taqardım səni. İ n c ə s ə s Bən ağ bir güvərçin olsaydım, əngin, Irişilməz üfüqlərdə yaşardım. Q a l ı n s ə s Bən bir şahin olub səni seyd için Ən keçilməz fəzaları aşardım. K n y a z İncə səs, iştə qızım Lena. J a s m e n Əvət. S o l o m o n Şimdidən bəlli, xoş elhan afət. K n y a z Şu qalın səsli də Anton. S o l o m o n Əcəba? İxtiyar bağçavanın oğlumu? K n y a z Ya… Pək çocuqkən biz ədəb verdik ona, Oqudub xeyli əmək verdik ona. Adam olmuş, dəyişib baş-qulağı, Şimdi bir adlı mühəndis yamağı. -Qafasını oynatıb gülər. L e n a ilə A n t o n gələr. Anton qəhvə rəngli üst kömləyi geyinmiş, əlində kaman bulunur. Lena məktəbli qıyafətindədir.* S o l o m o n Afərin! Iştə böyük iste’dad. J a s m e n Nə zərif, incə təzad… K n y a z Lena pək başqa… əzizim Solomon. S o l o m o n Hələ Anton!.. Anton!.. J a s m e n Saray artisti demək pək uyğun. L e n a Çoq təşəkkür… A n t o n (istehzalı təbəssümlə) Var olun! Biz saraylarda deyil, hər ikimiz Xalqa xidmət diləriz. S o l o m o n (boş bir qədəhi doldurub sərxoş hərəkətlə Antona) Pək gözəl, haydı, gəl iç sən də bir az. A n t o n Etmədim bən buna adət, Knyaz Biliyor halımı… S o l o m o n Zevqin yoqmuş. A n t o n Neyləyim… bəncə ayıqlıq daha xoş, Mümkün olsaydı da yurdumdakı meyxanələri Həp kütübxanə yapardım. S o l o m o n (istehzalı qəhqəhələrlə) Çocuq əfsanələri!.. K n y a z Onu söylətmə ki, yoq çərçivəsi, Söz güləşdirməyə çoqdur həvəsi. A n t o n Bəncə hər çərçivə dar bir zəncir. K n y a z (dumanlı qafasını oynataraq əli ilə rədd edər kibi) Yetişir, sus daha, artıq yetişir. A n t o n (ətrafa) Derlər insan yaranıb maymundan, Yenidən maymuna dönmək nə yaman. (Marqo Antona çay gətirir.) K n y a z (içəri girən Şakroya) O gələn kim, nə diyor? Ş a k r o Saçma bir iş… Bir nəfər köylü qəzadən gəlmiş. Dolu vurmuş da üzüm bağlarını, Pək qaranlıq görüyormuş yarını. K n y a z O bizim bağmı? Ş a k r o Əvət, vergi ağır… Söylüyor, endirəlim tam yarıya. K n y a z Gəlir olsaydı da milyon, əcəba Bir quruş fəzlə verirmiydi? Ş a k r o Xayır! K n y a z (qızğın) Həp gəbərsinlər acından, bizə nə, Onların verdiyi girsin gözünə. S o l o m o n Mərhəmət etməli, Knyaz! A n t o n Əfsus… Gücsüzün haqqı əzilmək. K n y a z Sən sus! Ş a k r o Daha bir başqa şikayətçi də var. K n y a z Kim o? Ş a k r o Dörd işçi. K n y a z Nə istər onlar? Ş a k r o Söylüyorlar ki, sizin zirzəmilər Yaş və ıslaq, bizi həp məhv eylər. Bəlli, var boş odalar, həm deyil az, Bizə üst qatda yer etsin Knyaz. K n y a z (istehzalı qəhqəhələrlə) Başlamışlar, demək, onlar da naza, Bir bu qalmış minələr boynumuza. (Qızğın.) Tilkilər, ah, şımarıq abdallar!.. S o l o m o n Knyaz! Əlbəttə bir az haqları var. Ş a k r o Bir də çoqmuş kira, endirməliyiz. K n y a z Bu nə həzyan, çabucaq dəf’ ediniz! S o l o m o n Yenə ifrat ediyorsun, Knyaz! Bahalıqdır, qatı sözlər yaramaz. Ş a k r o Şübhəsiz, hiylə, müdara daha xoş. K n y a z (Şakroya) Sən də onlar kibi sapğın başıboş. Get, xəbər ver, yarın erkən həpsi Tərk edib evləri dəf’ olsa eyi. Şakro çıqar. A n t o n (Knyaza) Ah, sönüb məhv olacaqdır onlar, Mərhəmət yoqsa da bir qanun var. K n y a z (bir cığara yaqaraq) Yetişir, bana dərs verməyiniz, Biz o qanunları ə’la biliriz. -Bu sırada dışarıda gurultu qopar, dörd işçi və bir köylü ortaya fırlar* B i r i n c i i ş ç i (əlində çəkic, sağlam, başı açıq, göy kömləkdə olan bir işçi Şakronun yaqasından tutub bir tərəfə fırlatar) Bıraq!.. İ ş ç i l ə r Alçaq!.. K n y a z Bu nə? B i r i n c i i ş ç i (Şakroya) Haydut, yaramaz! Sosialist cildinə girmiş canbaz! Nikolay taxta çıqıb gəlsə yarın, Ona candarma olurdun… İ ş ç i l ə r (hücum edər kibi) Azğın! L e n a (Jasmenə qısılaraq) Gedəlim, qorquyorum, ah, Jasmen. J a s m e n Gedəlim… (Gedərlər.) K n y a z Söyləyiniz, haydı, bu nə? İ k i n c i i ş ç i (alaca saçlı, ortayaşlı, arıq…) Biz qarışdıq ölülər aləminə… B i r i n c i i ş ç i Xayır, əsla, deyilik biz ölülər, Bizi kim sıqsa, məzarlıqda gülər. İ k i n c i i ş ç i İştə bən! Altı qız-oğlan babası, Bəni məhv etdi tütün fabrikası. Zevq alıb içdiyiniz tatlı siqar, (Əlini ağ cigərinə vuraraq.) Bu cigərdən süzülən qanla qoqar. (Kömləyini aralayıb əli ilə müqəvvayı andıran köksünə döyərək.) Baq, zəhərdən qurumuş iskeletim, Bən ölərsəm sönəcək altı yetim. -(Cibindən bir məndil çıqarıb göz yaşlarını silər.)* B i r i n c i i ş ç i (sinirli) Yetişir! Sızlama, abdal, başıboş, Ağlamaqdansa gəbərmək daha xoş. Qüvvətin yoqsa əzil, sus, qəhr ol! -(Kinli bir qəhrlə yumruğunu göstərərək.)* Yaşamaqçın budur ən kəskin yol! (Daha coşqun.) Qardaşım nerdə? O cansız cəsədi Bən də topraqlara gömdüm əbədi. Bitərək söndü günəşsizlikdən; -(Knyazı sərt baqışlarla süzərək)* Bu fəlakətlərə bais həp sən! K n y a z Boşboğazlıq yetişir, sus! B i r i n c i i ş ç i (çəkicini oynataraq) Yaramaz!.. Bizi hiç kimsə, xayır, susduramaz. A n t o n (knyaza) Knyaz! Yetişir, həddini bil! K n y a z (hiddətlə bağırır) Anton! S o l o m o n (Knyaza) Sən bir az kəndinə gəl… K n y a z Yoq, Solomon! (Antonu göstərir.) Onların başçısı yalnız bu səfil!.. (Antona.) Yapdığın şöbədələr gizli deyil. A n t o n Bizi qorqutma, yetər gürlədiyin, Dinlə, baq gör nə diyorlar… K n y a z (Antonu nifrətlə süzərək) Miskin!.. A n t o n (kəskin) Fəzlədir bəncə bu nifrət, hiddət, Hər nə istərsə, verin onlar… K n y a z (istehzalı) Əvət. Əmr edərsən veririz… A n t o n Kəndini bil! Haq verilməz, alınır… K n y a z Haydı, çəkil! Uzaqda ıslıq çalınır. Antonun fikrini cəlb edər. A n t o n (iki-üç adım çəkilir) Burda dursam da bir əldən nə gəlir? (Knyaza, şiddətlə.) Eyi bil, er-gec əzənlər əzilir. -Uzaqlaşır. Jasmenlə Lena yenə bir tərəfdə görünüb tamaşa edərlər. Təkrar ıslıq səsi eşidilir*. S o l o m o n Yenə ıslıq səsi!.. K n y a z Hər günkü oyun… İ k i n c i i ş ç i (Knyaza) Nə diyorsun bizə? K n y a z (mə’nalı bir tərzdə) Hay-hay, buyurun! Paranız yoqsa əgər, üst qatda Yer verilməz sizə əsla, əsla… İ k i n c i i ş ç i Para azdır, gözü dar fabrikaçı Bizə bir haqmı verir?.. K n y a z (istehzalı gülüşlə) Ya… pək acı… B i r i n c i i ş ç i (İlərilər, masaya gumburtu ilə bir yumruq vurur.) Fərqi yoqdur, sən osan, ah, o da sən!.. İştə çalmaqdasınız bir teldən. K n y a z Yenə coşdunmu? B i r i n c i i ş ç i Əvət!.. S o l o m o n Knyaz can! İstəməz bunca gərəksiz həyəcan. B i r i n c i i ş ç i (sərt və qızğın) Bizi aciz və küçük sanma, xayır, Biz bizik, sən də sən! Aldanma, xayır. (Əlinin nasırlarını göstərir.) Bunu gördükdə bir insan utanır? Bu nasırlar sizə ətmək qazanır. -(Üstündəki kömləgi iki parça edib bir tərəfə atar, beldən yuqarı çıplaq qalır. Köksünü və qollarını göstərir.)* İştə köksüm! Bu qolumdur, bu əlim… J a s m e n (şaşqın) O nə? L e n a Ah, pək qaba insan. J a s m e n Gedəlim. (Çəkilirlər.) B i r i n c i i ş ç i Yara, başdan-başa hər yer yaradır, İştə, bunlar, sizi bunlar yaşatır. Hərb edib qarpışırız sizlər için! Çalışıb-çarpışırız sizlər için!.. (Təkrar gumburtu ilə əlini masaya vuraraq.) Ah, fəqət siz bizi təhqir ediniz!.. K n y a z Yetişir, anladıq artıq, gediniz!.. İ k i n c i i ş ç i Gedəlim, haq sözü haqsız nə qanır. İ ş ç i l ə r Gedəlim. Haydı, əvət, haqq alınır. (Gedərlər.) B i r i n c i i ş ç i (Əlindəki çəkici oynataraq çıplaq vücudu ilə çəkilir.) K n y a z (şaşıb duran köylüyə) Şimdi sən söylə! K ö y l ü Üzüm bağlarını… K n y a z (onun sözünü kəsərək) Dolu vurmuş… biliriz, sən yarını Pək qaranlıq görüyormuşsun. K ö y l ü Əvət. K n y a z Hiç zərər yoq… Var ədalət əlbət. Hər nə lazımsa gəlir Şakro yapar. Daha bir başqa sözün varmı? K ö y l ü Xayır. (Bir az düşünür.) Lütf edin, halımız olduqca ağır… K n y a z Pək gözəl, get, səni məmnun edəriz. K ö y l ü Var olun! (Baş endirib gedər.) K n y a z (Solomona) Baq, bu deyil tərbiyəsiz, Yenə var köylüdə insan sifəti. İşçilər; ah, o səfillər nə qatı Adəta yırtıcı, azğın canavar. S o l o m o n Şübhəsiz, haqları var, haqları var. K n y a z Dayı can, sən də şaşırdınmı? S o l o m o n Xayır! Onların halı ağırdan da ağır. K n y a z Bəlli… knyaz qanı yoq səndə… S o l o m o n (qafasını oynatır, acı təbəssümlə) Babam Köydə bir katib imiş, hiç danmam. K n y a z (sözü dəyişdirərək) Zalım oğlanları şaş qoydu bizi, Pozdu bir anda bütün nəş’əmizi. (Bağçaya doğru yürüyərək uzaqlaşırlar.) M a r q o (onlar çəkildikdən sonra gəlib qabları toplamaq istər, ətrafa) Hey fələk… gör necə günlər gördük, Azdı hər kəs, nə böyük var, nə küçük… -Bu sırada A n t o n yan tərəfdən çıqar. Ayaqda olaraq bir loqma ətmək kəsib yeyər, çayını qarışdırıb içərək, kəndi-kəndinə yarımsəslə beynəlmiləl marşı oqur, sağa-sola gedir.* M a r q o Xalq acından qırılır, sən yalınız… Marş oqur, əyləniyorsun, arsız. A n t o n İnqilab iştə doğar aclıqdan. M a r q o Nə için nankör olursun? Bir utan! Bu soyuq marşı duyarkən Knyaz Sana qaç kərrə demiş sus, yaramaz. A n t o n Saqın, aldırma, nə istərsə desin, Bən başımdan keçərim məslək için. M a r q o Bu da məsləkmi, qudurğanlığa baq, Bunca Knyaz eyiliklər yaparaq, Bəsləmişkən səni, sapmaq nə için, Ya… onun ətməyidir həp yediyin. Tək deyil sən, bən, o rəhmətli baban Mərhəmət görmüşüz ancaq ondan, Şimdi nankör olub azmaq nə fəna!? A n t o n Bil’əkis, mərhəmət etdik biz ona, Onu biz bəslədik. M a r q o Ah, sus, nə yalan!? A n t o n Ana! Sən aldanıyorsun… M a r q o (sinirli) Nə zaman? Nə zaman sən ona verdin ətmək? Nə zaman sən ona sərf etdin əmək? A n t o n Bu saraylar da, bu sərvət də bizim. M a r q o Xastasın, ah, sana doktor lazim. A n t o n Neyləyim, pərdəlidir gözləriniz, Anlamaqdan bəni siz pək aciz… (İslıq səsi eşidilir.) M a r q o Yenə ıslıq səsi, kimdir əcəba? A n t o n Arqadaşlar. (Getmək istər.) M a r q o Nerəyə? A n t o n Fabrikaya! (Şakro gəlir.) M a r q o Getmə, oğlum! Nə olar, dinlə bəni, Sağ bıraqmaz bu inad iştə səni. Bilirim, Şakro da sizdən… Lakin Aşmıyor həddini əsla… A n t o n (Şakronu nifrətlə süzər) Miskin! (Anasına.) Bir müdaraçı hərifdir o, inan, Yardım olmaz bizə hər alçaqdan. Ş a k r o (sinirli) Nə demək, sən bəni təhqir etdin?! A n t o n Məsləkin hiylə, müdara ki, sənin. Bu nə yaltaqlıq? Ədəbsiz canavar! Səncə yoqsulları əzməkmi şüar? Söylüyorlar ki, baban dəllal imiş, Görünür səndə də vardır o baqış. Ş a k r o Boşboğazlıq yetişir, coşma, düşün, Bizi məhv etdirəcəksin bir gün. Duysa Knyaz köpürüb çıldıracaq. A n t o n Ya… timarxanə deyil burdan uzaq. M a r q o Yenə sən çıldırıyorsun, yavrum, Tutduğun yol uçurum, ah, uçurum. (Göz yaşını silər.) Sarmış ətrafını məhbəs və ölüm, Nasıl olsun buna razı könlüm. A n t o n (sinirli) Annə! Göz yaşları versəydi nicat, Bən də ağlar, üzülürdüm, heyhat… Yoqsa əzmində mətanət, er-gec Boğacaqdır səni azğın bir heç, Gönül istərsə geniş hürriyyət, Bir dügün zevqi verir hər dəhşət. Hər bəla gəlsə köküs gər də bir az; (Dörd-beş adım yürüyərək.) Bizi məhbəs və ölüm qorqutamaz! (Gedər.) Pərdə * * * İkinci pərdə -Tiflisdə botanika bağçası. Yuxarıda hər dürlü nümunəlik ağaclar. Aşağıda ətrafı əlvan çiçəklərlə süslü bir havuz… Yüksəkliklərə doğru sarı qumlu cığırlar gözləri oqşar. Ötədə-bəridə bülbül şaqırtıları eşidilir. Mayıs… gündüz…* L e n a (Marqo ilə bərabər gəlir, ətrafı süzərək) Bülbülləri seyr eylə, nasıl şən, Şaqraq səsə məftun olurum bən. -(Havuz kənarına yaqlaşır. Əlindəki kağızda bükülü ətmək parçasını ufaltaraq balıqlara atar)* Baq, oynaşıyor dürlü balıqlar, Ən nəş’əli munis ufacıqlar. M a r q o Heyrət!.. Nə gözəllik, nə şətarət!.. Hoplar, sevinirlər, nə səadət!? L e n a (təkrar ətmək parçaları ataraq) Altın kibi parlar sarı çapqın. M a r q o Baq, baq, şu qızıllar daha sapqın. L e n a Pək xoş o yosundan süzüləndə, Bir lalə kayar sanki çəməndə. -Bu sırada yandakı görünməz məzarlıqda həzin və xəfif bir ahənglə çoban düdüyü çalınmağa başlar*. (Lena məczub.) Ya Rəb, nə həzin səs, nə füsunkar? M a r q o Baq, burda məzarlıqda çalırlar. L e n a (çevrilib baqar, mütəəssir olur, əlini köksünə qoyaraq həsrətli baqışlarla) Ah, annəmi xatırladım iştə… M a r q o Almışdır onu Tanrı behiştə. L e n a Anton bana anlatdı ki, guya Cənnət yalan, əfsanədir Isa. M a r q o Hiç dinləmə, yavrum, onu ah, sus! Dinsizlərə uymuşdur o mənhus. (Ətrafa baqaraq.) Jasmen hanı? L e n a Daim o çıqar da, Ətrafı dalar seyrə yuqarda. (Aşağı yola baqaraq.) Anton gəliyor, gözləri dalğın… M a r q o İnsanmı, bıraq sən də, o çılğın!.. A n t o n (əlində qəzetə gəlir) Sən burdamısın, Lena? L e n a Əvət, sən… Ürküb qaçıyorsun yenə bizdən. A n t o n (havuz kənarındakı sıraya oturur) Məşğul idim azcıq. L e n a (əli ilə yuqarı çıqmağa də’vətlə) Gəl, oturma! A n t o n Yorğun kibiyim. M a r q o (Lenanın qolundan tutaraq, darğın və kinayəli) Kəndini yorma, Gəl, daş daşımış, bəlli ki, yorğun… (Oğluna.) Ah, sən bəni həp qəhr ediyorsun. Tək bir gecə yatmaz da yataqda, Həp başda daşırsın dəli sevda, Izlər səni bin dürlü fəlakət… (Gedərlər.) A n t o n (əli ilə rədd edər kibi) Söylənmə, yetər, haydı, çəkil get! (Əlindəki qəzetəyi mütaliəyə başlar.) Ş a k r o (bir az sonra aşağı tərəfdən çıqar. Antona yaqlaşır) Sən nerdə idin dün gecə, yavrum, Susmaq nə için? Həp bana mə’lum! A n t o n Dəf’ ol, yetişir… Ş a k r o Dur, bəni dinlə, Bən arqadaşım iştə səninlə. A n t o n Hər xainə yoldaş olamam bən. Ş a k r o Xainmi? (qoltuq cibindən bir dəftərçə çıqarır.) Bu dəftər nə imiş? A n t o n (əlindən alır) Sən Həm firqəyə, həm kəndinə xain… (Dəftərçəni yırtıb parçalar, yüzünə çırparaq.) Al! Dərs olur əlbət bu səninçin, Binlərcə sənin eşlərin ancaq Yoqsulları etməkdə oyuncaq. Ş a k r o Bilməm ki, şaşırdınmı, nədir bu? Zənnimcə yolun pək uçurumlu… Bir arqadaşın dün gecə qaçmış, Həp firqənizin sirrini açmış. Çıq get, acırım halına… Ən son Bir məsləhətimdir sana, Anton! A n t o n (acı qəhqəhəylə) Binlərcə ac, işsiz əzilirkən, Yalnız acıyorsun bana həp sən. Məhbəs kəsilib yoqsula dünya, Qarunlar edər hökmünü icra. Layiqmi durub seyr eləyim bən, Bir gün belə çıqmam bu şəhərdən. Anton deyil azğın, deyil alçaq, Acizlərə yardım dilər ancaq. Ş a k r o (gülərək) Şən Tiflisi atmazsın, əvət sən, Cəzb etmədə hər gün səni Jasmen. A n t o n Həp saçma, yalan… Ş a k r o (gülərək) Bəlkə həqiqət, Kim qılsa sizin gözlərə diqqət, Aydın görünür girdiyiniz rol. A n t o n (qafasını oynataraq, laübali) Bən istəmiş olsaydım, əmin ol, Çoqdan bana həmdəmdi o afət, Kəndim onu atdım… Ş a k r o (sərsəm gülüşlərlə) Nə məharət!? (İki-üç adım uzaqlaşaraq, ciddi.) Bin təhlikə izlər səni hər gün, İstərsə də Jasmen sana küssün, Çıq get də, bıraq Tiflisi… A n t o n Alçaq!.. Ş a k r o Yardımçı bənim bir sana ancaq. (Çəkilib gedər.) A n t o n Knyazlara get, yardımı qoş… Bən Yardım diləməm av köpəyindən. J a s m e n yuqarı tərəfdən gəlir. J a s m e n Anton yenə dalğın, yenə tənha. A n t o n (hörmət və sevinclə) Sən nerdə idin? J a s m e n İştə yuqarda, Yüksəklərə çıq, gör də nələr var. Xoş mənzərələr ruhunu oqşar. Tiflis ayaq altında gülümsər, Göz qırpar uzaqdan sana hər yer. Ətrafı tamaşayə dalırkən, Dünyayı yaratdım sanırım bən. A n t o n Bir yanda coşub-daşsa da varlıq, Bir yanda sırıtmaqda məzarlıq. Bir yanda gülümsər mədəniyyət, Bir yanda amansız, acı dəhşət! J a s m e n Seyr etdim o hiçlikləri bən də, Çırpındı könül matəm içində. A n t o n Knyazlara həp əmr ediyorkən, Bilməm niyə bədbin olasın sən?.. J a s m e n (istehzalı təbəssümlə) Anton, yenə Jasmenlə alaymı? A n t o n Jasmenlə alay, sanki qolaymı? J a s m e n Sən köydə nəzakətli bir eşdin, Aç, söylə, niçin böylə dəyişdin? A n t o n Sənsiz yaşıyorkən qabalaşdım, Həm Jasmenə, həm kəndimə şaşdım. J a s m e n Yoq, Jasmen o Jasmendir, əmin ol. A n t o n Bambaşqa bu gün oynadığın rol. Bən fabrikalar, paslar içində! (Jasmenin üstündəki elmasları göstərir.) Sən incilər, elmaslar içində! Bən köydə sənin, sən də bənimdin, Üstün gələrək yoqsula zəngin, (İstehzalı təbəssümlə) Altınla sönüb səndəki hər hiss, Oldun ulu knyazlara munis. Sərxoşlara uydun, bəni satdın… J a s m e n Ya… sən nə için Jasmeni atdın? Ayrılmayaraq fabrikalardan, Etdin bəni həp məsləkə qurban. A n t o n Yoq şübhə, anardım səni hər gün, Məslək və vəzifəm daha üstün. J a s m e n Yoq səndə günah, iştə bu aydın, Sən Jasmeni əvvəl hiçə saydın. Baq, şimdi də bəndən qaçıyorsun, Kinlər və dikənlər saçıyorsun. Könlümdəki çarpıntını bilsən, Bilsən ki, nələr çəkmədəyim bən… A n t o n (istehzalı qəhqəhələrlə) Könlünmü?! İnanmam buna əsla! J a s m e n (onun əlini köksünə qoyaraq) Baq, çırpınıyor, susmadı hala. -Knyaz qarşıdan çıqar, bu mənzərədən fəna halda sarsılır. Jasmen onu görüncə kəndini toplar.* K n y a z Jasmen! Hanı Marqo? Hanı Lena? J a s m e n Yoq, bəncə, təlaş etmədə mə’na. Çamlıqda gəzib əyləniyorlar, Baq, iştə bərabər eniyorlar. (Antona.) Anton! Çağırın onları lütfən. A n t o n Baş üstünə! K n y a z (Jasmenin ruhunu oqurcasına kinli və qısqanc baqışlarla süzərək) Jasmen! Bu nə, Jasmen?! Təbrik edərim eşqini, ah, sən… (Sözünü bitirəməz.) J a s m e n Bilməm ki, niçindir bu kinayən? K n y a z Sən Knyazı divanəmi sandın, Yoq, yoq, görünür bəndən usandın. Əğyar əli köksündə, nə zillət! Bir sözlə, niçindir bu xəyanət? Anton sana munis ki, deyildi, Birdən-birə doktormu kəsildi?! J a s m e n Knyaz! Sanırım, fəzlə bu şübhən. Sür’ətlə yürürkən, ürəyimdən Dəhşət dolu bir vəlvələ qopdu. Sandım qara bir zəlzələ qopdu. (Knyazın əlini köksünə qoyar.) Baq, şimdi də çırpınmada… K n y a z (şiddətlə əlini rədd edər) Alçaq! Hər sapqına oldummu oyuncaq? Yeltənmə, saqın, hiyləyə, Jasmen! Hər azğına əyləncəmiyim bən?! (Barmağı ilə getməsi için yol göstərir.) J a s m e n Knyaz! Bəni vur, parçala, öldür! Böhtan demə, qəhr et, bəni güldür. Anton soyuq erkək, qaba insan, Ürküb qaçıyor cümlə qadından. Hər kəs tanıyorkən onu, söylə, Təhqirə nə hacət bəni böylə? K n y a z Ah, sus! Bu nə yoldur gediyorsun, Sən hiç, bəni bədnam ediyorsun… Sapdırdı əminim səni Tiflis, Ah, dünkü mələk, şimdi bir İblis. Solomon təlaşla gəlir. S o l o m o n Knyaz! Xəbərin yoqmu? K n y a z Nə varmış? S o l o m o n Düşman yenə coşmuş da qabarmış. Gürcüstanı bir hiç sanıyormuş, Çarpışmağa hazırlanıyormuş. K n y a z (acı gülüşlə) Həp nafilə, çarpışma nə lazim? Er-gec oluruz onlara təslim. Bə’zən alınır qəl’ə içindən; Anton kimilər burda dururkən, Dəhşət bizi məğlub edəcəkdir, Var-yoq bütün əldən gedəcəkdir. S o l o m o n Anton nəçidir? K n y a z Ən qaba insan! Ən sayğısız, ən qorqulu düşman!.. S o l o m o n Zənnimcə bir az səhv ediyorsun. J a s m e n (təlaş və həyəcanla) Ah, sən onu həp məhv ediyorsun. K n y a z (çılğın) Jasmen! Bəni söylətmə, yetər, sus! Anton, o, yılandan daha mənhus… Bir x ə f i y y ə i k i s i l a h l ı m i l i s l ə gəlir. X ə f i y y ə Anton deyə, Knyaz, biri varmış, Duyduq ki, sizin evdə yaşarmış… K n y a z Pək doğru, nə olmuş? X ə f i y y ə Dəmin evdən Sorduq, dedilər, çıqdı o erkən. K n y a z Anlat, nə içindir bu soruşmaq? X ə f i y y ə Bir sirr ki, hökumət bilir ancaq. K n y a z (yuqarı tərəfi göstərir) Anton gəliyor, iştə! Milislər gedir. Rəzalət! S o l o m o n Yapmış, görünür, gizli xəyanət. K n y a z (qızğın) Yoqsul deyərək tərbiyə etdik, Göstərdi fəqət tərbiyəsizlik. L e n a (qoşaraq gəlir) Ah… Yardım edin siz ona, yardım! K n y a z Kimdir o, qızım? L e n a Antona yardım! K n y a z Yoq qorquya hacət, yaqalansın, Nankör və ədəbsizdir o çapqın. Çıqmaz gecələr fabrikalardan, Tə’lim ediyor hər kəsə isyan. J a s m e n (Lena ilə) Knyaz!.. K n y a z (sinirli) Bəni söylətmə, çəkil, get! Milislər A n t o n u gətirər. M a r q o (həyəcanlı halda gəlir, ağlayaraq) Knyaz! Bu ağarmış saça rəhm et, Oğlum gediyor, ah, bana yardım. L e n a (babasına yalvarır) Anton ki, bizimdir, ona yardım! K n y a z Yavrum, bu hökumət işi, söylə, Əldən nə gəlir? M a r q o (ağlar gözlə Knyazın qarşısında diz çökər) Mərhəmət eylə! A n t o n Yalvarma, bıraq! Məhv olalım biz. (Knyaza) Sərxoş olaraq zevqə dalın siz! M a r q o (xaç çəkərək, göyə doğru) Ya Rəb, bizə imdad! A n t o n O eşitməz… M a r q o (mütəəssir) Ah, sus! A n t o n O fəlakətdən edər həzz. M a r q o Ah, mərhəmət! Ey, sevgili İsa! Qurtar onu, bin cürmü də olsa… A n t o n Olsaydı onun qüdrəti, əfsus, Çarmıxda bunalmazdı… K n y a z Yetər, sus! Azğındakı həzyanlara bir baq! Məhv olmağa layiqdir o ancaq. X ə f i y y ə Artıq gedəlim. A n t o n Haydı. Gedərlər. M a r q o (sinirli fəryad ilə) Səfillər!.. Dur, getməliyim bən də bərabər… (Oğluna yaqlaşır.) X ə f i y y ə (onu qolundan itərək) Dəf’ ol! M a r q o (Knyaza) Bəni məhv et, onu qurtar! (E’tinasız görüncə) Qatillər, amansız canavarlar! -Yaralı hıçqırıqlar içində bayılıb düşər. Jasmenlə Lena yüzünə su səpərək ayıltmağa çalışırlar.* Ş a k r o (həyəcan və təlaşla gələr) Knyaz! Yetişin yardıma!.. S o l o m o n Nolmuş? Ş a k r o Yanqın sarıyor evləri… S o l o m o n (ətrafa) Bayquş! K n y a z Kimdən bu cəsarət, bu xəyanət?! Ş a k r o Dün qovduğunuz işçilər əlbət. S o l o m o n Bir başqası yapmaz bunu… K n y a z Lakin, Bir gün də yaşatmam onu… Miskin! Yüz buldu da hər baldırı çıplaq! Kimlər bana meydan oquyor baq! Kin püskürən azğınlara yalnız, Dəhşətli ölüm vardır amansız!.. Kinli və sür’ətli adımlarla gedər. Solomon və Şakro da onu izlərlər. M a r q o (gözlərini açıb başını qaldırır) Anton hanı, məhv etdimi cəllad? Ah, yavrum!… Aman, yavruma imdad!.. (Təkrar bihal olub düşər.) Pərdə * * * Üçüncü pərdə -Tiflisdə gürcü zevqinə uyğun xalça və mebellərlə süslü bir salon. Ortada yarıaçılmış ipək pərdəli qapıdan misafir dolu ikinci oda görünür. Içəridə kamançada "şur" çalınar. Şubat gecəsi… Ş a k r o yarımsərxoş olaraq içəridən salona keçər. Digər qapıdan dalğın M a r q o əlində boş təpsi gələr.* Ş a k r o Marqo! Sən pək kədərlisin bu gecə. M a r q o Bana matəm gəlir bu əyləncə. Könül ağlarsa üz gülərmi, düşün! Qanlı məhbəsdə Antonum çürüsün, Siz ziyafət yapıb da sərxoş olun. Ş a k r o Neyləyim, həp inad edər oğlun. Ona çoq yalvarıb-yaqardım bən, Bəhs edər daim əski məsləkdən. M a r q o (kinayəli) Siz ki, məsləkcə birdiniz?! Ş a k r o Nə yalan! Bunu kim söylüyor? M a r q o Rəzil insan! Səndə bir zərrə yoq şərəf, əxlaq. Ş a k r o Bənim ən doğru məsləkim ancaq Yaşamaq zevqi… Başqa şey bilməm, Dəyişir məsləkim zərər görsəm. Bən sanırdım ki, inqilab er-gec Saracaq yurdu… Sonra baqdım heç… (Əli ilə rədd edir.) M a r q o Gündə bir rəngə, gündə bir yola gir, Batsa dünya, düşünmə… Ş a k r o Sus, yetişir!.. Çabuq ol, haydı, boş qədəhləri al. Şimdi Knyaz qızar… (İçəri girər.) M a r q o (onu izləyərək) Səfil, abdal!.. K n y a z (pək sərxoş olaraq Solomonla qol-qola içəridən çıqar. Daşqın və coşğun qəhqəhələrlə) Bunu kim zənn edərdi, hey, gidi, hey! Dəyişərmiş cihanda, baq, hər şey… İştə gördünmü, qəhrəman ordu Güldürür sətvətilə şən yurdu. Bolşevik ordusilə çarpışaraq Göstərir, bizdədir zəfər ancaq. (Məğrur və həyəcanlı.) Yaşasın gürcü xalqı! Bin yaşasın!.. S o l o m o n Daha dur, gürləyib öyünmə, saqın! K n y a z Nə demək?! S o l o m o n Kim bilir, yarın nə olur?! K n y a z Nə olur? S o l o m o n Başqa bir xəbər duyulur. K n y a z (istehzalı qəhqəhəylə) Nə xəbər? Gürcü xalqı iştə cəsur, Çarpışıb hər hücumu dəf’ ediyor, Səndə lakin nədənsə yoq iman. S o l o m o n Nə yaparsın ki, sisli bir böhran Daima bəndə şübhələr doğurur, Sən fəqət həp fərəhli, həp məğrur. K n y a z (şən gülüşlərlə) Bunca bədbin olub da sızlama, dur, Kim sinirdən qəvisə, qalib olur! -Yan odaya keçərlər. Bu sırada yarımsərxoş bir halda bir kinto əlində böyük bir gül dəməti salona soqulur. Onu izləyən Ş a k r o isə mane olmaq istər.* Ş a k r o Dur da, sərsəm hərif!.. K i n t o Bıraq! Ş a k r o Rədd ol! K i n t o Dəli şeytan diyor, bu tükləri yol. (Şakronu saqalından yaqalamaq istər.) Ş a k r o Dəf’ ol artıq. K i n t o (gülərək) Yoq orda bir qopacaq, Həpsi üç tük ola ya yoq ancaq. Ş a k r o Haydı, çıq, haydı! K i n t o Nerdədir Knyaz? Ona bən gül gətirmişim. Ş a k r o (mane olur) Yaramaz! K i n t o (yan baqaraq) Kösə gördüm, fəqət sənin kibi yoq. Ş a k r o Sus da, azğın hərif! K i n t o Sayıqlama çoq. Ş a k r o (gül dəmətini göstərir) Bu niçin? Burda yoq düyün, bayram, Bir gəlin köçmüyor… K i n t o (ətrafa) Sarsaq adam!.. (Şakroya) Knyazın halı bəllidir, daim Ona bən güllər etmişim təqdim. O da bol-bol hədiyyələr vermiş, Olma əngəl, saqın, bu pək güc iş. Bu sırada şaşqın, bənzi uçmuş bir m i s a f i r gələr. Şakroya M i s a f i r Zənn edərsəm bizim xanım burada. Onu lütfən çağır… Ş a k r o Nə var, əcəba? M i s a f i r Vacib işlər var evdə… Ş a k r o Hiç yaramaz, Hiç bıraqmaz, əmin olun, Knyaz. K n y a z (çıqar) Buyurun, pək gecikdiniz. Əl verərlər. M i s a f i r (təlaşla) Müdhiş… Duyduğum pək fəna xəbər. K n y a z Nə imiş? M i s a f i r Vaz keçin siz bu eyşü işrətdən. K n y a z Nə için pək təlaş edərsin sən? M i s a f i r Nə qadar inqilabçı varsa; bütün Toplayıb şimdi etdilər sürgün. Sanki Tiflisdə yoqdu yer, ancaq Kutais məhbəsində saqlanacaq. K i n t o (arqadan) Ya hökumət nə istiyor, daha xoş. K n y a z Öylə ya, doğru söylüyor… M i s a f i r (Kintonu süzərək) Sərxoş! K n y a z Nə zərər var sürülsə azğınlar. M i s a f i r Hiç zərər yoq, bıraq asılsınlar, Daha əngəlli bir xəbər var, əvət. Bizi sarmış da kinli bir qüdrət. Söylənənlər həqiqət olsa, yarın Bolşevik pəncəsindəyik, aydın. Söylüyorlar uzaqda dəhşət var, Arabir patlayıb durur toplar. K n y a z (qolundan tutaraq) Gəl canım, kim nə dersə həpsi yalan, Bunu uydursa, uydurur düşman. K i n t o Həp çürük, boş laqırtı… Doğrusu az. K n y a z İştə gördünmü, afərin! K i n t o Knyaz! Sizə güllər gətirmişim… K n y a z (Şakronu göstərərək) Ver ona. (Kinto gül dəmətini Şakroya verər.) İştə al, keyf için yarar bu sana. (Para verər.) K i n t o (paraları alar) Knyazın əskik olmasın kərəmi, Var olun!.. (Knyazın verdiyi paraları Şakroya göstərər.) İştə, çatla, öl, eyimi? (Gedər.) K n y a z (misafirə) Gəl, canım, ordu var, hökumət var, Keyfə baq, boş quruntudan nə çıqar? Şakro qurnaz, gedər də doğru-yalan, Hər nə var, öyrənib gəlir əl’an. Şakro çıqar. Dışarıda, pək uzaqda iki top atılar. L e n a ilə J a s m e n salona keçər. Bə’zi m i s a f i r l ə r də onları izlər. B i r i n c i m i s a f i r Bu nə? Düşmanmı? İ k i n c i m i s a f i r Bolşevik topumu? K n y a z Sanırım bir manevra olmalı bu… S o l o m o n Xayır, əsla, saqın, inanma, xayır… K n y a z (istehzalı təbəssümlə) Dur, canım… S o l o m o n Yoq, lətifə sanma, xayır. -Knyaz Solomonla bərabər çıqar. Salondakılar da dışarı fırlar. Içəridə çalqı ilə bərabər gənclər tərəfindən "Corciaşvili" nəğməsi oqunur. Bir az sonra Jasmenlə Lena geri dönər.* L e n a (həyəcan və təlaşla) Bu nə?! J a s m e n Corciaşvili. L e n a Ah, Jasmen! Gir də, susdur bu sayğısızları sən. J a s m e n Nə için? L e n a İnqilabçı nəğməsi bu. J a s m e n Sadə bir şeydir, istəməz qorqu. L e n a Sadə bir şeymi?! J a s m e n Get də, sən söylə. (Geri dönən Şakroya.) Bir xəbər bildinizmi? Ş a k r o Yoq, öylə Bəlli, aydınca bir xəbər yoqmuş. (Oquyub-çalanlara işarətlə.) Bu nasıl nəğmə? J a s m e n İştə həp sərxoş… Ş a k r o Görsə, yoq şübhə, çıldırır Knyaz. L e n a Durma, gir söylə, böylə şey yaramaz. Şakro içəri fırlar. Jasmen və Lena da çıqar. K n y a z (Solomonla bərabər gələr. Şaşqın və qızğın) Nə rəzalət, nədir bu azğınlıq!? Başqa bir nəğmə yoqmu? (Girib susdurmaq istər.) S o l o m o n (qolundan tutaraq) Dur azacıq, Görüyorsun dumanlıdır qafalar… Bu halda içəridəkilər susar. İştə baq, susdular. K n y a z Fəqət nə çıqar… Sayğısızlıq bu, həm də bir təhqir, Kimdir onlar? S o l o m o n Bıraq, canım yetişir. Marqo əlində qırıq qədəhlərlə dolu bir təpsi misafir odasından çıqar. L e n a (onu tə’qib və təsəlli edərək) Marqo can, hiç sıqılma, hər qırılan Qədəh olsun… Deyil bu öylə ziyan. K n y a z (onu görüncə qızğın) Gözlərin kormu? Sayğısız bayquş! M a r q o (sarsılmış və sinirli) Kor deyil, bəlkə, bəlkə bir sərxoş… K n y a z Sus, ədəbsiz, kinayə söyləmə, sus! Sən də Antonmu oldun, ah, mənhus! Sana artıq bu evdə yoq ikram, Yediyin əkmək iştə fəzlə, haram… M a r q o (dolu təpsiyi hiddətlə yerə çırparaq) Gedərim, girsin ətməyin gözünə. (Acı və yaralı səslə.) Yavrum, ah, Antonum! Sənin sözünə E’tina etməyib də etdim inad. Bana insan göründü hər cəllad. (Knyaza kəskin və həyəcanlı.) Ya bu saçlar! Ağartdığım saçlar! Düşünüb bir utan, qızar, canavar!.. S o l o m o n Daha kafi!.. L e n a (ətrafa) Rəzalət, ah, dəhşət!.. M a r q o Sizə nifrət! Yığın-yığın nifrət!.. (Çılğınca adımlarla çıqıb gedər.) Ş a k r o (Jasmenlə bərabər gurultuya çıqar) Bu nə səsdir? J a s m e n Aman, nə oldu, nə var? M a r q o (içəridən) Mərhəmətsiz, şərəfsiz alçaqlar! Şakro Lena ilə bərabər yerdəki qırıqları təpsiyə toplar. Marqo çıqdığı qapıdan çıqarlar. S o l o m o n (yerində büt kibi dona qalmış Knyaza) Umulur şey deyil, bu, əlbəttə, Baxüsus böylə bir ziyafətdə. J a s m e n Nə imiş? K n y a z (kinayəli) Əkdiyin toxumlardan Yeşərir tazə-tər çiçəkli fidan. J a s m e n Bənim əkdiklərimmi? K n y a z Bəlli… yetər! S o l o m o n Susalım, duymasın misafirlər. -Knyazla Solomon içəri girər. Musiqi dəyişərək "Tamara" rəqsi ahəngi çalınar. B i r q ı z , b i r o ğ l a n oynayaraq salona keçər. M i s a f i r l ə r də onları izlər. İ k i c ü t daha rəqsdə iştirak edər. Anton yarımsaqallı olaraq dış qapıdan gələr. Jasmenlə yaqlaşar.* J a s m e n (diqqət və heyrətlə) Sənmisin, Anton!? A n t o n İştə gəldim, əvət. J a s m e n Kim xilas etdi, kim? A n t o n (məğrur) Silah, qüvvət! J a s m e n Knyaz olduqca kinlidir bu gecə, Çıldırır, badə sərsəm etdikcə… Sən çəkil, görsə saldırıb duracaq. A n t o n (yumruğunu göstərər) Ona qüvvət verir cəvab ancaq. J a s m e n Durma artıq, çəkil. A n t o n Anam nerdə? J a s m e n Şimdi burdaydı. A n t o n İstəməz pərdə. Onu Knyazmı qovdu? Ah, alçaq! (Məclisi əyləndirən Şakronu süzərək, kinli və qızğın.) Sərsəri, şarlatan, dəni, yaltaq!.. Ş a k r o (məclisi əyləndirir, ona-buna soqularaq oqur) Hər aqşam keyf içində gülür Müctəhid bağı, Quş qanilə qızarmış xanımların dodağı, Bənim nazlı yarımın pudralı cəmalı var, Boyalıdır saçları, iki yapma xalı var. Həm cavan, həm gözəldir: əlli səkiz yaşında? Dərman için bir tük yoq kirpiyində, qaşında. Xoşlanmadım bən əsla bülbülün nəğməsindən, Məst olur dəli könlüm qarğaların səsindən. A n t o n (Şakronu süzərək) Gah "sağ" ol, gah "sol", iştə tatlı oyun, Sana layiq, denilsə buqələmun… K n y a z (səsə çıqaraq) Sayğısızlıq yetər, yetər həzyan, Çıq, ədəbsiz, həmən çəkil buradan. A n t o n Nerdə annəm? K n y a z O dəf’ olub getdi, Sən də dəf’ ol ki, hevsələm bitdi, İkiniz bir yılansınız, nankör. A n t o n (acı qəhqəhəylə) Nankör olduqsa əfvə layiq gör. K n y a z Həp bu həzyan içinmi gəldin sən?! A n t o n Xoş xəbər vermək istədim sana bən. K n y a z Nə xəbər? A n t o n Durma, yol tədarükü gör, Bil ki, Anton deyil də pək nankör. Bu sırada pək uzaqda iki zəif top patlar. M i s a f i r l ə r Ah… B i r i n c i m i s a f i r Aman, gəldilər. İ k i n c i m i s a f i r Nə çirkin hal… S o l o m o n (başını sallar) Həp xəyal oldu, getdi istiqlal. A n t o n (cibindən teleqraf xəbərlərinə məxsus qəzetə əlavəsi çıqarıb verər) Burda sən zevq içində məst-xumar, Gurluyor hər tərəfdə, baq, toplar. Var ikən əldə qaçmaq imkanı, Savuşur həp hökumət ərkanı. Iştə fürsət!.. Nə varsa topla da qaç! Qafil olsan qalırsın ac-yalavac. Yarın artıq öyündüyün sərvət, Sana yalnız qazandırır lə’nət. Qüdrətin varsa çıq vuruş, çarpış! (Məğrur qəhqəhəylə.) Nə için, anlamam, bu kinli baqış? Bəlli, yoq sizdə öylə bir cür’ət, Burda yalnız yigitlik istər, əvət. Həpiniz sayğısız, rəzil, alçaq, Həpiniz tilki, tilkidən qorqaq, İştə meydan! Ər ol, ya əz, ya əzil! (Cibindən məndilini çıqarıb uzatar.) Ağlamaq istəsən, buyur məndil! Başqa bir qurtuluş yoq… Ən eyi yol Qaçmaq… K n y a z (oquduğu xəbərdən mütəəssir olaraq çılğın) Ah, sus, yetər, çəkil, dəf’ ol? (Cibindən revolveri çıqarır.) Söylənib durma, haydı, çıq, yoqsa Çıqarırlar həmən cənazəni… A n t o n Ya… Hanı, göstər də bir cəsarətini, Görəlim barı son məharətini. (İki-üç adım ilərilər) K n y a z İştə al!.. Revolver patlar. A n t o n Ah, şərəfsiz, ah, cəllad!.. (Aldığı yaradan bihal olub düşər.) K n y a z Baq, nasıl susdun? A n t o n (son nəfəsilə) Ah… J a s m e n Aman, imdad!.. -Əllərini dəhşət və heyrətlə qaldırıb Antonun üzərinə qapanmaq istər. Knyaz qolunu yaqalar. Durduğu yerdə dona qalar.* M a r q o (şən və həyəcanlı adımlarla gələr, qapı yanında duran Jasmenə) Söylə, ah, nerdə Antonum? J a s m e n (Həzin və müztərib) Marqo! Onu hiç sorma… M a r q o Nerdə, nerdədir o? (Ətrafa baqıb Antonu görür, sarsılır.) O nə!? Ah, sənmisin!? A n t o n Zavallı ana… Bana gəl! M a r q o (acı fəryad ilə) Yavrum, ah, nə oldu sana? Sana kim qıydı? A n t o n (Knyaza işarətlə) Ən dəni məxluq!.. M a r q o (pək sinirli və çılğın) Antonum! Yavrum, ah zavallı çocuq! -Yaralı hıçqırıqlarla üzərinə qapanır. Bu sırada iki top daha atılar, içəri salonun pəncərəsindən baqıldıqda uzaqlarda yanğın əlaməti görünər.* K n y a z Yenə toplar!.. Ş a k r o Aman, böyük yanğın! B i r i n c i m i s a f i r Gedəlim, iştə hərb… İ k i n c i m i s a f i r Əvət, dağılın! Misafirlər qarışıq halda salonu tərk edər. S o l o m o n (pəncərədən baqar) Ah, alev dalğa-dalğa yüksəliyor… A n t o n (dirsəyinə dayanıb iztirab və sevinc ilə) İştə… onlar!.. Bizimkilər… gəliyor!.. (Yenə arqası üstə düşər.) Pərdə * * * Dördüncü pərdə -İki yıl sonra, Berlində üst qatda, alman zevqinə uyğun süslü bir salon. Sağda, solda və qarşıda balkona açılır birər qapı. Balkon qapısının iki tərəfində birər böyük pəncərə… Balkon və pəncərələrin ətrafında rəngarəng çiçəklər gözləri oqşar. Sağ və sol divarlarda Şiller və Hötenin böyük rəsmləri asılmış. S o l o m o n bir guşədə masa başında yazı ilə məşğuldur. Önündəki kitab və dəftərləri qarışdırıb bir qeyd yapar, həzİranın son günləri. Aqşam… Uzaq qomşuda pianoda lirik parçalar çalınar.* -K n y a z alafranqa qıyafətdə olaraq balkonda ətrafı seyrə dalar. Salona keçib Solomona yaqlaşar.* K n y a z İştə Berlin! Mədəniyyət ocağı, Hər yeşil səhnəsi cənnət bucağı… Hər tərəf dalğalı, hər mənzərə şən, Fərqi yoqdur gecənin gündüzdən. Hər salondan uçuşur zümzümələr, Qadın-erkək gülüşüb rəqs eylər. Gecə Berlində çalışmaq bəncə Sofuluqdur, var ikən əyləncə. S o l o m o n Bəndə əyləncəyə yoq meyl artıq, İki yıldır ki, usandıq, bıqdıq. İki yıldır ki, gedib var-yoqumuz, Bəklədik, həp daşa dəydi oqumuz. K n y a z Hiç sinirlənmə, yoruldun, enəlim, Musiqi dinləyərək əylənəlim. (Yazılan dəftərləri süzərək.) Bu nə, bilməm, səni həp cəzb eylər… S o l o m o n Vətən əhvalına aid şeylər… -Dəftərləri toplayıb çəkməcəyə qoyar. Bu sırada yüzü təraş edilmiş, alafranqa geyimli Ş a k r o, knyazın panama-şlyapasını və bastonunu gətirər. Solomon ona bir paket uzadar*. Bunu ver postaya… K n y a z Məktubmu? S o l o m o n Əvət. K n y a z Nerəyə? S o l o m o n Tiflisə. Ş a k r o (dərin bir ah çəkərək) Qaldıq həsrət. S o l o m o n (Şakroya) İki gündür yenə daşmış kədərin, Düşünür, həp düşünürsün, bu niçin? Ş a k r o Özlərim Tiflisi hətta gecələr, Doğduğum ev bana rö’yadə gülər. Cənnət olsun da bu Berlin, nə çıqar, Vətənin başqa gözəllikləri var. K n y a z Hiç məraq etmə, yaqınlarda səni Yenə Kür nəhri öpər… (Baston və şlyapasını alar.) Dinlə bəni! Lena dərs aldımı? Ş a k r o Zatən bitdi, Dəmin almanca müəllim getdi. (Sol qapıdan çıqar.) S o l o m o n Nerdə Jasmen? K n y a z Görünür süsləniyor. S o l o m o n Süs nə lazımdır, o bir işvəli nur, İncə bir halı, ufaq qıvrılışı, Qara kirpikləri, cazib baqışı Məstü heyran ediyor hər salonu, Berlinin gözləri alqışlar onu. (Şapkasını, bastonunu alar, çıqarkən Knyaza) Bana baq, Şakro sapıtmış da bir az, Ona zənnimcə inanmaq yaramaz. Onda Isayı satan Yuda kibi Bir baqış var ki, bilinməz səbəbi. K n y a z Səhviniz var… S o l o m o n Xayır, əsla! (Sağ qapıdan çıqarlar.) Ş a k r o (Qapı arasında görünər) İblis! Sezdi həp fikrimi bir anda xəbis. (Salona keçər, saçlarını qarışdırıb düşünər.) J a s m e n (eyni qapıdan gələr) Yenə dalğın kibisin, söylə, nə var? Ş a k r o Anton ölmüş də, sıqıldım… J a s m e n (ətrafa) Canavar! Ş a k r o Kim bilir, bəlkə də sağdır. J a s m e n (ətrafa) Budala! (Şakroya) Anmadım bən onu bir an əsla! Ş a k r o (Ətrafa) Soğumuşdur bilirim Knyazdan, Bəni sevməzmi şu afət bir an? (Ansızın əlini yaqalar, öpər.) Nə gözəl, ah, nə gözəlsin! J a s m e n (e’tinasız, məğrur bir tevrlə əlini çəkər, istehzalı qəhqəhələrlə) Bu nə hal? Ş a k r o Bana yoq, könlümə sor!.. J a s m e n Sus, abdal! Duysa Knyaz səni məhv eylər, inan. Ş a k r o Şimdi artıq o, sönük bir insan… İçki etmiş onu sərsəm və səfil… (Öz qəlbini göstərər) Fəqət atəşli könül öylə deyil… J a s m e n (tatlı qəhqəhələrlə) Qorqarım səndəki atəşlə yarın Bütün Avropayı sarsın yanğın. Ş a k r o Yetişir bunca həqarət, Jasmen, Bəkliyorsun, bilirim Antonu sən. J a s m e n O ki, ölmüş… Ş a k r o Ölü məktubmu yazar? J a s m e n Kimə yazmış? Ş a k r o Sana. J a s m e n Xain, qəddar! Böylə həzyanlara yol vermə, saqın! Ş a k r o Sən mələk çöhrəli bir şeytansın, Gecə-gündüz bəni həp sıtma yaqar. Səndə yalnız acı istehza var. J a s m e n (gülərək balkona çıqar) Xastasın, get, azacıq yat! Ş a k r o (sol qapıdan çıqaraq, kinli və qızğın) Mənhus! Gül!.. Yarın ağlayacaqsın, əfsus! L e n a sağ qapıdan əllərini bir-birinə çarparaq gülə-gülə gələr. J a s m e n Həp gülürsün, bu nə? Mə’sum İblis! L e n a Xoş xəbər!.. Berlinə gəlmiş Tiflis. J a s m e n Söylə anlat, nə imiş? L e n a Müjdəmi ver. (Yenə gülüb durur.) J a s m e n Qız, nə olmuş? L e n a Səni Anton bəklər. J a s m e n Əcəba nerdə buluşdun? L e n a Əl’an, Bana rast gəldi geçərkən qapıdan. J a s m e n Ah, fəqət görsə, əmin ol, Knyaz Çıldırıb kökləyəcək bir yeni saz. L e n a Kimsə duymaz, çabuq söyləşiniz, Bəklərim burda… Yarın hər ikimiz Çıqarız seyrə, "Göy orman" eyidir. J a s m e n (Lenayı öpər, sol qapının açarını çevirib qapar) Burda pək az da görüşsək yetişir. L e n a (sağ qapını açaraq) Buyurun!.. A n t o n (şıq alafranqa qıyafətdə görünər. Lenanın saçlarını oqşayaraq) Ah, nə gözəlsin, bilsən… L e n a Gəlirim, şimdicik… (Çıqar.) J a s m e n Anton! A n t o n (onun əlini sıcaq busələrə qərq edərək) Jasmen! J a s m e n Bu səfa yurduna sən xoş gəldin, Ah, nə parlaq, nə gözəldir Berlin. İştə qüdrət və mətanət ocağı, Hər tərəf nəş’ə, səadət bucağı. A n t o n Bil’əkis, fabrikalar, mə’dənlər Ac və möhtac olaraq həp inlər. J a s m e n Öylə şey görmədim əsla… A n t o n Nə həzin!? (Təbdili-ahənglə) Pək küçük şeyləri, əlbəttə, sizin Görəməz gözləriniz… Yoq ki, məraq… J a s m e n Yenə həp əski təbiət!.. Bana baq, Söylə bir, söylə nasıldır Marqo? A n t o n Şimdi pək başqa bir aləmdədir o, Hoppa knyazlara xidmət yerinə Baqıyor şimdi çocuq evlərinə, Gürcü öksüzlərinin annəsidir. J a s m e n Nə gözəl!.. Ah, onu görsəydim bir… (Bir az düşünər, Antonun əlini əlləri içinə alaraq.) Söylə, anlat ki, niçindir bu gəliş? A n t o n Knyazın qurşunu azğın, müdhiş… Cigərimdən onu dəf’ etmək için Bəni cəlb etdi uzaqdan Berlin. (Cibindən bir qurşun çıqarır.) Nerdə Knyaz, bunu ver kəndisinə… J a s m e n Yenə sən əski inadında, bu nə!? Həp unut keçmişi, gəl, söz ver də, Yarın erkən buluşub bir yerdə, Çıqalım seyrə… (Bir az düşündükdən sonra.) "Potsdam" eyidir!.. Möhtəşəm mənzərələr var, nadir… A n t o n Ya? J a s m e n Fridrix sarayı pək dilbər, Bir zaman orda yaşarmış Volter. Nə böyük şöhrəti varmış!.. A n t o n Bıraqın!.. Böyük olsaydı küçülməzdü, saqın! J a s m e n Küçük olsun, nəmə lazım… Əməlim, Məqsədim bir görüşüb söyləşəlim… Bəni yıllarca unutdun… Var-yoq İki məktubunu aldım… A n t o n İş çoq… Səni ansam da, inan, yoq vəqtim. J a s m e n (dərin bir ah çəkərək) Bilirim, ah, nə qadar bədbəxtim, Bəni bir ləhzə düşünsən nə çıqar? A n t o n Səni məs’ud edəcək yollar var… J a s m e n Ya xilas et bəni, ya məhv eylə, İstəməm başqa təsəlli, söylə, Nə zaman Berlini tərk etməlisin? A n t o n Kim bilir, bəlkə yarın… J a s m e n Ah, nə için? A n t o n Fikrim İsveçrəyə olmaq azim, Bir çoq alati-sənaye lazim. J a s m e n Nə olur, söylə, bənim halım o gün, Nə olur, Jasmeni bir kərrə düşün! A n t o n Şərqdən qərbə uçan bir tavus Şərqə uçmazmı? J a s m e n Qanat yoq, əfsus!.. A n t o n Sana Anton qanat olsun… J a s m e n (sevinclə) Nə gözəl! A n t o n (bir kart-vizit verər) İştə adres, yarın erkən bana gəl… J a s m e n Gəlirim. A n t o n Gəl də, könül şənlənsin. J a s m e n (onun əllərini yaqalar, süzgün baqışla) Sən!? A n t o n Bənimsin, gözəlim. J a s m e n Bən də… A n t o n Sənin. (Çılğınca busələrlə öpüşürlər) J a s m e n (dərin bir ah çəkərək) Altı yıldır, yetər, oldum dutsaq! Bəni Knyaz bir oyuncaq yaparaq, Şən saraylarda zəhər yutdurdu, Bıraqıb gəldim o munis yurdu. Dayə oldum da şu sərxoş çocuğa, Gündə bir qavğa çıqar ortalığa. Şimdi pək başqa, fəqət bəndə məraq, Dilərim canlı bir atəş olaraq, Çalışıb zevq alayım sə’yimdən, Rəhbər olsan bana sən, yalnız sən!? A n t o n (onu qolları arasına alır, pək məmnun və həyəcanlı) Nə səadət!.. Nə səadət, bilsən, Həmdəmim olsan, əvət, gerçəkdən. Uysa məfkurəmə dilbər Jasmen, Öyünür, göylərə sığmam belə bən. J a s m e n Tutduğun yolları həp izləyərək, Sana Jasmen olacaq həmməslək. L e n a (qapını açaraq) Gəldilər. A n t o n (şapkasını alar) Bən gedəyim… J a s m e n Sağlıqla. L e n a Yenə təşrif ediniz. A n t o n (hər ikisinə əl verib çıqar) Pək əla. J a s m e n (təlaşla) Onu Knyaz çıqıyorkən görəcək, Yenə dəhşət və alev püskürəcək. L e n a O qolay… qandırırım Knyazı bən. J a s m e n Lena! Ah, sən nə mələksin, bilsən. Knyaz əlində gül dəməti sağ qapıdan girər. L e n a (ona yaqlaşır, gülləri heyrətlə süzərək) Kimə aldın bunu? K n y a z (Dəməti kin və hiddətlə Jasmenin yüzünə çırparaq.) Baq, iştə ona! J a s m e n Ah, yapılmaz şu həqarət qadına. K n y a z Söylə, burdan çıqan oynaş kim idi? Bana düşman, sizə yoldaş kim idi? Dağıdıb yurdumu məhv eylədilər, Söylə bir, səndən o çapqın nə dilər? L e n a Bir günah yoq sanırım Jasmendə, Bən çağırdım da, qəbahət bəndə. K n y a z (qızının qolundan tutub nifrətlə itər) Haydı, dəf’ ol, bana dərs öyrətmə, Bir çocuqkən, sapa yollar getmə! (Lena sol odaya yaqlaşar, açarı verib çıqar, Knyaz bunu görüncə daha çılğın.) İştə, həp bəlli qapanmış qapılar, Görünür pərdəli hikmətlər var. J a s m e n Yetişir, qəhr ediyorsun bəni sən, İftira, bən uzağım hər ləkədən. K n y a z Əvət, əxlaqı sönüklər, bəlli, Göstərir kəndini ismət modeli. Bir düşün, sən nə idin köydə ikən? Nə idin, sonra nə oldun, Jasmen!? Kimsəsiz bir qız idin ac, möhtac, Gəlib oldun öyünən başlara tac. Səni sevdirdi də ismət az-çoq… Şimdi, əfsus, o da yoq, ah, o da yoq… J a s m e n Həp yalan… ən qara, ən kirli yalan!.. (Əlləri ilə yüzünü qapar, acı və sinirli bir halda ağlar durur.) L e n a (həyəcanlı fəryadla gəlir) Getdi, həp var-yoqumuz getdi… Aman! Qırılıb çəkməcələr, sandıqlar, Aşırılmış paralar, hər nə ki var. K n y a z Nerdə baq, gör şu ədəbsiz Şakro? L e n a Evdə yoq… K n y a z Hanki cəhənnəmdədir o? L e n a Onu görmüş dəmin ev sahibəsi, Əldə bir çanta… tıqanmış nəfəsi, Savuşub bağça tərəfdən getmiş… K n y a z Bitdik artıq, bu xəbər pək müdhiş. İştə! Oynaş güdən azğınlar için Bu fəlakət belə azdır… (Jasmeni nifrətlə süzərək.) Miskin. Bu xəyanətlərə bais həp sən!.. Hər bəla səndən, əvət, həp səndən… (Kinli adımlarla sol odaya keçərək) Sarmış ətrafımı vicdansızlar, Ah, səfillər, qaniçən qansızlar! J a s m e n (göz yaşlarını silərək, Lenanı həsrətli baqışlarla qucaqlar) Şimdi bildim ki, səadətmiş ölüm, Öpəyim, gəl, səni son dəfə, gülüm! (Öpər, palto və şapkasını alıb getmək istər.) L e n a (önünə keçərək) Söylə, Jasmen, nerəyə, ah, nerəyə? Yoq, bıraqmam səni… J a s m e n Dönməm geriyə. Yetişir dinlədiyim son təhqir, Bəni bıqdırdı şu altın zəncir. Knyazın yapdığı vəhşi qabalıq, Bir nəvaziş ki, çəkilməz artıq. (Yerdəki gül dəmətindən birini alır.) İştə bir xatirə… qalsın bəndə, Bu da çignəndi, əvət, Jasmen də. Bu gülün yoq deyil, əlbət, dəyəri, Bir dikəndən daha kəskin zəhəri. (Gedəcək olur.) L e n a Getmə, dur, mərhəmətin yoqmu bana? Lena həmşirə qadar bağlı sana. J a s m e n Sən deyilsin bana həmşirə, xayır, Taleyim çünki ölümdən qaradır. Sən səadət və əsalət çiçəyi, Bən fəlakət və səfalət böcəyi… Bəni qoynunda böyütmüş boralar, Kin və atəş savuran fırtınalar. Olsa, həmşirəm olur həsrətlər, Acılar, faciələr, dəhşətlər. Əlvida!.. Artıq unut Jasmeni sən, Unut artıq bəni… (Sağ qapıdan çıqar.) L e n a (arqadan yaralı və ümidsiz bir halda) Jasmen!.. Jasmen!.. K n y a z kinli adımlarla gələr. K n y a z Nerdə Jasmen? L e n a Savuşub getdi… K n y a z Əvət, Bu da bir başqa xəyanət, dəhşət!.. Niçin uydum da, inandım ona bən!? Sağ qalır sanma nə Jasmen, nə də sən! (Sinirli bir halda bütün vücudu və səsi titrəyərək Lenaya hücum edər.) Ah, rəzillər, yüzü ağ fahişələr! L e n a Yetər, ah!.. (Acı fəryadla başı dönüb yerə yıqılar.) K n y a z İştə cəza! Haydı, gəbər!.. Pərdə * * * Beşinci pərdə -Berlində bir kafe-restoran… Sağda, solda birər qapı… ucda küçük bir səhnə… Səhnənin bir tərəfində beş-altı nəfərlik orkestra. Ən ortada rəqsə məxsus yer… Ətrafda müştərilərə məxsus masa və sandaliyələr… Mayısın ilk günü… Solomon bir yanda, bufet qarşısında qəzetə oqur. Xidmətçi q a d ı n l a r və q ı z l a r masaları silib təmizlər. Qadınlar şişman ikən qara gündən avurdları batmış, qızlar isə zəif solğun görünürlər.* K n y a z (içəridən dəhşətlə bağırar) Onlar, yenə onlar, yenə onlar!.. S o l o m o n (xidmətçi qızlardan birinə) Çıldırdımı Knyaz, nə xəbər var? Get, Lenaya anlat ki, usandıq, Susdursun o divanəyi artıq. (Qız sağ tərəfdən çıqar. Solomon yerindən qalqıb masaları silib təmizləyən qadınlara.) Diqqət edəlim, hər şeyə diqqət! Pək başqadır almandakı xislət, Bir yerdə əgər yoqsa nəzafət, Yaqlaşmaz, edər bəlkə də nifrət. -Bu sırada saçları ağarmış K n y a z bir əldə əsa, bir əldə ağ qalpağı, əski ağ milli qiyafədə qapıdan girər. Bahar olduğuna baqmayaraq boynu xəzli qalın paltosu da üstündə bulunur. Hənuz görünmədən səsi eşidilər. İçəri girincə əlini köksünə vurub komanda edər kibi gürlər.* K n y a z Knyaz! Bu nasıl ad? Hər seyhəsi isyan, acı fəryad!.. Yoq şübhə ki, dünya dolu knyaz. (Əli ilə köksünə işarət edər.) Lakin bana derlər, ulu Knyaz! Hər, baldırı çıplaq bəni duymaz, Yoq, anlayamaz qartalı hər qaz. (Birdən-birə mütəəssir) Nəslim ulu bir nəsl idi əvvəl, Bən şimdi nəyim? Bir quru heykəl! Hər an gəmirir qəlbimi bir kin, Gündən-günə dəhşət daha kəskin. (Ətrafındakılara.) Lə’nət, bana lə’nət, sana lə’nət, ona lə’nət! (Nifrətlə ətrafa tükürür.) Kor şeytana lə’nət! Bir vulkan idim, mum kibi söndüm, Bir aslan ikən tilkiyə döndüm. (Qadınlara şaşqın baqıb.) Bir bənmi? O qızla şu qadın da Bambaşqa yaşarlardı yaqında. (Birinə hücum edər kibi.) Dün sən nə idin? Sahibeyi-tac! Ya şimdi nəsin? Ətməyə möhtac. (Bir başqasına.) Dün göydə uçan cilvəli tavus, Baq şimdi tavuqdan belə mənhus. (Xidmətçi qadınlara hücumla tükürür.) Fu! Kirli böcəklər!.. Azğın kələbəklər. (Bir başqasına.) Gəl, gəl bana, vurğun sana Knyaz, Sən yağlı bir ördək, o da bir qaz. (Təkrar gülər, ansızın halı dəyişərək.) Eyvah! O nə? Dəhşət!.. İnsanları sarmış qara vəhşət. Dünya yanıyor, sarsılıyorkən, Yalnız gülərim bən. (Qəhqəhələrlə gülər, sonra mütəəssir.) Ha-ha-ha-ha!.. Yalnız onu, yalnız o gözəl Jasmeni görsəm. Bilsən o nə sərsəm; Bir hiçlə bir aqşam bəni atdı, Əğyarə uyub yarını satdı. Ah, qalmadı bir kimsədə hörmət və sədaqət. (Göyə doğru) Ya Rəb, bu nə zillət, nə rəzalət?! Artıq yetişir bunca fəlakət, Dinsizləri qəhr et! (İsyan və həyəcanla.) Yoq, yoq, o da aciz, o da xamuş… Yoq, Tanrı da həp onlara uymuş. Anton, qara bayquş!.. Jasmen nə çiçəkdir onu duymuş… (İstehzalı qəhqəhə ilə) Kərtənkələnin zevqi də varmış!.. (Kinli və sinirli) Ah, bəslədiyim bir quzu azğın canavarmış. Yoq, həzm edəməm bən bunu əsla. Knyaz yaşıyor, ölmədi hala. Ölmək yaşamaqdır, Sərsəm yaşayış ömrə yamaqdır. (İçəri qapıya doğru yürür və geri çəkilər. Gözünə qorqunc yanğınlar görünərək şiddətlə bağırar.) Eyvah, o nə dəhşət?! Dəhşət! Dəhşət və fəlakət. Yanğın! Yanğın!.. Tutuşub yandı bütün var-yoqu xalqın. Həp çökdü saraylar. Ah, nerdə alaylar? Kaşanələrim yandı kül oldu, Jasmen belə atəşdə, dumanlarda boğuldu. Yardım!.. Ona yardım!.. Yardım!.. Bana yardım!.. (Həmən gözünə yanğın görünər, sağ qapıdan dışarı fırlar.) S o l o m o n (Qapını kilidlər. Xidmətçi qızlardan birinə) Durma, qoş doktora, söylərsən ki, Bağçadan gəlsin… o görmüşdür evi. -Qız çıqar. Son moda ilə geyinmiş alman müştəriləri… Qadın və erkək olaraq ikişərüçər gəlir, oturarlar. Kəndilərinə yanaşan xidmətçilərinə ufaq-təfək yemək, çay, qəhvə, bira, limonata kibi şeylər ısmarlayar, öz aralarında qonuşarlar. Bu sırada Anton yolçu qıyafətində gəlir, boş bir masa qarşısında oturub cağara yaqar. Bütün xidmətçilər məşğul olduğundan S o l o m o n ona külqabı gətirir. Anton onu görüncə tanır, həmən qalqar, əlini sıqaraq.* A n t o n Əfv edərsin, Solomon, ah, Solomon! Pək dəyişmişsin… (Bir-birinin əlini sıqaraq bərabər oturarlar.) S o l o m o n (başını sallayaraq) Əzizim, Anton! Bən deyil, sən də dəyişdin… hətta Ulu Knyaz da dəyişmiş… Lena Naz edər, sıqmaz ikən göylərə dün, Hər kəsin nazını çəkməkdə bu gün. Bir yıl əvvəl onu oqşardı qürur, Şimdi ac… Ətmək için rəqs ediyor. (Bir qadın qəhvə gətirir, Solomon onu və masaları silib düzəldən digər iki qadını göstərər) Şu qadınlar da dəyişmiş hətta, Həpsi keyf əhli ikən Moskovada; Çıqdı sərvət və səadət əldən, Şimdi xidmətlə yaşarlar… şu gedən Bir qraf zevcəsi!.. Baq, onlar da Milyoner ailəsindən… A n t o n Əcəba!? Knyazın halı nasıldır, nerdə? S o l o m o n (yan qapını göstərər) Burda bir qülbəsi var: pəjmürdə… Qara saçlar ağarıb bir yılda, Şimdi görsən tanımazsın əsla! İştə çılğın kibi bir xastadır o, Onu məhv eylədi nankör Şakro… A n t o n (gülərək) Knyazın sərvəti zəhr olmuş ona, Biri İsveçrədə anlatdı bana. Uyaraq işvəli bir aktrisə, Buradan gizli savuşmuş Parisə. Qız aşırmış da bütün var-yoqunu, Tam səfalətdə bıraqmışdır onu. Ac, ümidsiz qalaraq bir aqşam İntihar eyləmiş… S o l o m o n Ah, sərsəm adam!.. (Başını mə’nalı bir tevrlə sallar.) Məhv edən məhv olur, əlbət, bir gün, Bəncə Anton da bir az suçlu… düşün, Şakro çaldıysa onun sərvətini, Sən də saydın hiçə heysiyyətini. A n t o n Bən nə yapdım ona? S o l o m o n Jasmen, Jasmen!? O küçük şeymi? A n t o n İnan, köydə ikən Biz bərabər sevişirdik… heyfa Bən çalışmaqda ikən fabrikada, İştə altın, para saçmış da bir az, Onu bəndən çalı vermiş Knyaz. Sonra həp sərvəti əldən getdi, Çıldırıb Jasmeni təhqir etdi. O da ayrıldı həmən nifrətlə, Bunda bən suçlumuyum, sən söylə? S o l o m o n Əcəba nerdə o afət, nerdə? A n t o n Gələcək şimdi, yaqın bir yerdə… S o l o m o n Yoq, saqın, gəlməsin əsla, yaramaz, Çıldırır bir daha çılğın Knyaz. A n t o n Knyazın bildiyi Jasmen başqa, Onda yoq əski kokotluq əsla. Atılıb şimdi əmək cəbhəsinə, Səs verir həp əzilənlər səsinə. Lena səhnədə görünür, musiqi ilə həmahəng olaraq şərqi söylər. L e n a Ey sallana-sallana Uçan qərib durnalar! Bən doydum şirin cana, Binlərcə həsrətim var: Uğradınız bəlkə bizim ellərə, Bəndən səlam edin coşqun sellərə, Sorsa bəni Gürcüstanın ipək telli qızları, İncə belli qızları, Şirin dilli qızları… Dersiniz ki, bən qurbanım süzgün, ala gözlərə, Yosma, dilbər yüzlərə, Şux ədalı sözlərə. Ey süzülüb oynaşan, Mini-mini yolçular! Bənim sizlərdən aşan Küçük bir diləyim var; Uğradınız bəlkə çoq uzaqlara, Səlam edin bizim şən ırmaqlara. Sorsa bəni Gürcüstanın səfalı ormanları, Yeşil xiyabanları, Vəfalı ceylanları… Dersiniz ki, bən qurbanım sarı, vəhşi güllərə, Sevdalı bülbüllərə, Çırpınan könüllərə. Lena çəkilər. Hər tərəfdən alqışlar. Təkrar görünər, şərqi söylər. L e n a Bilmədim də gönül verdim hər gülə, Yaraladı acı dikənlər bəni. Yan baqıb süzdülər bin bir naz ilə Həsrətlə nazımı çəkənlər bəni. Ömrümün baharı matəmlə doldu, Diləklərim sərab içində soldu, Halımdan ürkərək tanımaz oldu, Uğrumda göz yaşı dökənlər bəni. Boğdu ümidimi ıssız bir gecə, Hilalə bənzədim dərd içə-içə, Taleyim dönüncə saydılar hiçə, Hər gün önümdə diz çökənlər bəni. -Şiddətli alqış… Lena son iki misrayı təkrar edər, "ah" deyə bayğınca bir halda arqadakı sandaliyəyə oturur. Içəridən gələn bir xidmətçinin yardımı ilə qalqıb gedər. Kafedəki seyrçiləri acı bir sükut qaplar.* A n t o n (təlaşla qalqar) Görünür pək acıdır halı onun. S o l o m o n (qolundan tutaraq) Hiç məraq etmə, bu hər günkü oyun… A n t o n Əcəba, xastamı? S o l o m o n Qansız, cansız… O çalışmazsa bütün ac qalırız. A n t o n Ona yardım edəlim… Ah, nə yazıq!.. (Antona yemək gəlir.) S o l o m o n Sən ye, iç!.. Şimdi keçər bayğınlıq. (Sağ qapıdan çıqar.) İ x t i y a r a l m a n (öksürür, qalın səslə, yanındakı qadınla sarışın qıza işarətlə) Qızcığaz bir daha çıqmaz, gedəlim. Q a d ı n Kim bilir, bəlkə çıqar, səbr edəlim. İ x t i y a r a l m a n (öksürür) Bəlli şey, halı pərişan, çıqamaz. Q a d ı n (sarışın qızı göstərir) Qızımız rəqs edəcək, bəklə bir az. İ x t i y a r a l m a n (öksürür, soğuqqanlı) Nə çıqar? Rəqs edəcəkmiş qızımız!? Q a d ı n Siz gedin, biz də bir azdan çıqarız. İ x t i y a r a l m a n Pək gözəl… Siz deyən olsun, qalınız, Hoplayıb rəqs edərək, zevq alınız. Bu sırada yalnız olaraq çalğıçılardan birisi fleytada təcrübə için bir "çarlston" çalıb susar. Nə rəzalət, nə rəzalət!.. Ən son… Xalqı həp sapdıracaq "çarlston". (Qalqıb gedər) S a r ı ş ı n q ı z İştə əmcəm darılır, annəciyim, Gedəlim biz də… Q a d ı n Düşün bir, çiçəyim! Baban ölmüş də cihan hərbində. Qolu yoq… İştə səqət əmcən də. Məmləkət etdi də iflas… Artıq Yeyəcəksiz, geyəcəksiz qaldıq. Qız da pək bol… sana bir ər lazim… Rəqsdən məqsədimiz iştə bizim, Eyi bir eş bulalım yavrumuza, Borcumuz çıqdı bu günlər boğaza… S a r ı ş ı n q ı z Bilirim… Ah, nə qadar miskin rol!.. Q a d ı n Sıqılıb durma, saqın, nəş’əli ol! Bu sırada bütün orkestra "çarlston" çalmağa başlar. Salondakı erkəklər qomşu masalardakı qızlara yanaşır, baş əyib rəqsə də’vət edərlər. O cümlədən sarışın qız da kəndisinə yanaşan bir gəncin qoluna girib iştirak edər. Rəqs getdikcə canlı və həyəcanlı bir hal alır. Səhnədəki kamançı rəqs dəvam etdikcə həm ayaq üzərində kaman çalar, həm də rəqs edənləri komikcə hərəkətlə təqlid edər, məclisi nəş’ələndirməyə çalışır. Kənar masada oturmuş şişman bir alman narin hərəkətlərlə omuzlarını, əl-qolunu oynatır, nəzərləri cəlb edər. Solomon geri qayıdır. S a r ı ş ı n q ı z (orkestra susarkən sinirli və sarsılmış bir halda anasına yaqlaşır) Gedəlim… Q a d ı n Söylə, nə olmuş?! S a r ı ş ı n q ı z Artıq Həzm olunmaz qaba əxlaqsızlıq… Q a d ı n Qız! Nə olmuş, nə demişdir o sana? S a r ı ş ı n q ı z Gedəlim, ah, gedəlim, sorma bana… Q a d ı n Föhşə də’vətmi? S a r ı ş ı n q ı z Yetər, sorma, yetər! Bu həyat iştə ölümdən də betər… -Nifrətli adımlarla dışarı çıqar, qadın da gələn xidmətçiyə para verib kəndini izlər. Çalğıçılar səhnədən çəkilir. Digər müştərilər də ikişər-üçər hesab kəsib salonu tərk edərlər. Le n a gələr. Solomon ciğarasını yaqaraq ayaqda gəzinir.* A n t o n Lena! L e n a Ah, Anton! (Düşünərlər.) A n t o n Əzizim, gəl, gəl! Səni görmək nə səadət, nə gözəl… Lenanın əlini sıqar. O bir az soyuq və e’tinasız görünər. Solomon cığara içərək düşüncəyə dalar. L e n a Kim bilir, bəlkə!? A n t o n Müəmmalı sual!? Pək dəyişdin, bu nə surət, bu nə hal? L e n a İnqilab iştə dəyişdirdi bizi, Ayırıb durdu həmən cümləmizi. A n t o n Sadə bir bizmi?.. Dəyişməkdə cihan, Qaçıyor şimdi oğullar babadan. Ana qızdan, bacı qardaşdan uzaq… L e n a (onun sözünü kəsərək) Həp qarın qavğası, yoq başqa məraq. A n t o n Doğru, hər qavğa qarından doğuyor, Bilərək qardaşı qardaş boğuyor. Masqalar yırtılaraq; hər məslək Sönüyor, hakim olan yalnız əmək… Bir düşün, sən nə idin şimdi nəsin, Bu gözəl, tatlı, məhabətli səsin Bir əməkdir ki, verir ruhə qida, Sən bu sən’ətlə əgər yurdunda Oqşasan zevqini şən gürcülərin, Daha məqbul olur, əlbət, hünərin. L e n a Bən gedərsəm nə olur xəstə babam? Bən ki, bir an belə onsuz duramam. A n t o n Nə olur, sən get, o qalsın burada, Öylə sərxoşlara yer yoq orada. L e n a (sarsılaraq) Ah, nə çirkin, nə çəkilməz qabalıq! O ki, yapmış sana az-çoq babalıq. (Sinirli adımlarla içəri odaya keçər.) S o l o m o n O təsəlli umuyorkən səndən, Müztərib qəlbini qırdın yenidən. A n t o n (yarımqəhqəhə ilə) Bəndə zənnimcə qüsur yoqdu, xayır, İncə bir tərbiyə!.. Hiçdən darılır. Bu sırada dışarıda beynəlmiləl marşı çalınar, Anton pəncərəyə qoşub dinlər. İştə beynəlmiləl ahəngi… S o l o m o n Əvət. A n t o n Nə gözəl!? S o l o m o n (ona yaqlaşaraq) İştə budur hürriyyət, Burda hər məsləkə vardır hörmət. A n t o n (onun sözlərini aldırmayaraq, məczub bir halda) Bu nə sətvət, nə şətarət! (Solomona) Seyr et! İşçilər, iştə qızıl cəbhəçilər!.. "Bir mayıs"dır deyə parlar, gürlər, Qadın-erkək gülərək, rəqs edərək, İzləyib durmada bir şanlı dilək. Bəni əfv eyləyin, azcıq gedəyim. Yeni dünyayı tamaşa edəyim. Şapkasını alaraq sol tərəfdən çıqar. Lena ürkək bir halda geriyə dönür, həyəcan və təlaşla Solomona. L e n a Ah, gəldi bıraqma, Çıldırmış, o pək qorqulu sima… -Bu sırada K n y a z pərişan bir halda içəri girər. Paltosunu atmış, bir əlində parıparçalanmış qalpağı, bir əlində də əsa gürləməyə başlar. Didilib parçalanmış əlbisəsi, dağınıq saçları, qorqunc qıyafəti çıldırmış olduğuna şübhə bıraqmaz.* K n y a z (Lenanı qolları arasına alır) Jasmen! Gözəl afət, Jasmen! Bu nə halət, nə qıyafət!.. Gəl, gəl, nə səadət! Gəl, qəlbimə gir, ver bana rahət. Bilsən nə mələksin, Bilsən nə gözəlsin, nə çiçəksin. Anlat, sana kim eylədi yardım? Ah, bən səni məhv oldu sanırdım. (Lenanı öpmək istər, o geri çəkilir.) S o l o m o n (Lenaya) Doktor hanya? L e n a Yoq, gəlmədi hala… K n y a z Doktormu? Saqın gəlməsin əsla! Yoq bəndə bir ağrı… Təyyarə verin, bir uçayım bən, Allahı bulub sirr açayım bən. Yoq, yoq, o da ölmüş, Ölmüş də fəzalarda gömülmüş… (Pəncərəyə yaqlaşır, şiddətlə vurub açar, şaşqın qəhqəhələrlə göyə doğru baqar.) Bir baq, nə dərindir, nə genişdir də məzarı!? Yoq, uyquya dalmış, ayılıb gülsə də barı… Ah, gülsə o pək şən Binlərcə günəş parlayacaq hər gülüşündən… L e n a (mütəəssir) Knyaz, ulu Knyaz! Halın nə fəna, gəl, uyu bir az. K n y a z (qızı yaqalar, başdan-aşağı süzər, sərsəmcə bir gülüşlə) Sənsiz uyumam, ah, nə qadar işvəli dilbər! Aqşam uyuruz, həm də bərabər. L e n a (sarsılıb geri çəkilər, ətrafa) Ya Rəb, nə olur kəndinə gəlsə, Fırlatdığı hər saçmayı bilsə!? (babasına sarılaraq) Bir kərrə düşün, ah, qızınım bən, Bən Lenayım, əfsus!.. K n y a z Ah, sus! Aldatma xayır, sən qaçıyorsun yenə bəndən. L e n a Knyaz! Ulu Knyaz! Yoq, Lena yalan bilməz, əmin ol. K n y a z (qızğın və çılğın) Dəf’ ol! Bu da bir rol… Sən baldırı çıplaqlara uydun. Hər kəs sana məftun… Bəklər, yenə bəklər səni oynaşların əlbət. Qaçmaq, yenə qaçmaqmı?.. Rəzalət! Şakro hanı? Altınları versin, Versin də gəbərsin!.. L e n a (mütəəssir) Knyaz! Ulu Knyaz! K n y a z Yoq, getmə, bıraqmam səni əsla! Knyaz seviyor Jasmeni hala. Zənn etmə ki, Berlindəki Knyaz Tiflisdəki Knyaz kibi qurnaz… Bən şimdi o sapqınlığı atdım, Çapqınlığı atdım. Gönlüm yeni məfkurələr özlər. (Qızının saçlarını oqşar, gözlərini süzərək heyrətlə.) Gözlər, hələ gözlər, hələ gözlər!.. Göylər kibi xamuş, Göylər kibi əsrar ilə dolmuş… Sən bir düri-saf, iştə gözəllik sana heyran, Sən heykəli-naz!.. İştə sənin hər baqışından, Hər şən gülüşündən deyil insan, Quşlar belə zevq almada hər an. Ah, nazlı gövərçin! Dilbər hərəmim, sən nə gözəlsin. (Niyaz ilə.) Yoq, yoq, bəni atma, Gəl, Knyazı satma! L e n a (titrək səslə) Knyaz, Ulu Knyaz! K n y a z Bən gönlümü verdim sana ancaq, Gəl, işvəli afət, bəni sən etmə oyuncaq. Bir busə ver ancaq şu dodaqdan, Güldən daha nazik o gözəl pənbə yanaqdan. Aqşam da bərabər uyuruz, nazlı gövərçin, Əlbət, bu xoş əyləncə səninçin. (Qaba və möhtəris bir tərzdə qucaqlayıb öpmək istər.) L e n a (geri çəkilir, nifrətlə) Knyaz!.. K n y a z Bu nasıl naz? S o l o m o n (ortaya girir, sinirli) Knyaz, yetişir köklədiyin saz, Yoq, yoq, buna əsla dayanılmaz. Bir kərrə düşün, baq nə diyorsun, Hər an qızı təhqir ediyorsun?! L e n a Bir Knyaza layiqmi bu rəftar!? K n y a z (istehzalı təbəssümlə) Zənnində xəta var. (Bu sırada dışarıda alman milli marşı çalınır. Knyaz heyrətlə dinlər. Məğrur və möhtəşəm bir baqışla qızını üstdən aşağı süzər, çılğın qəhqəhələrlə.) Knyazmı dedin sən bana… Sərsəm, dəli, axmaq, Knyaz nə imiş sanki! O bir rütbə ki, alçaq… Haylaz qızı, haylaz! Bir qeysərə Knyaz demək olmaz. (Qalpağını yırtıb atar, saçları dağılır. Qarşıdakı pəncərəyi yumruqla qırıb açar, gürləyən marşı və xalqı seyr edir, məğrur qəhqəhələrlə) Əsgər keçiyor, orduya gəl, baq! Qeysər kibi həp şanlı və parlaq… Baq, baq! Mədəniyyət buna derlər! Millət və cəsarət buna derlər! Gəl baq, nə yigitlər, nə tosunlar! Əmrimlə girər atəşə onlar. (Əlindəki qırıq əsasını havaya qaldırır, komanda ilə.) Dəhşət!.. O nasıl marş, Qoş, durma, yürü, arş iləri, arş! Sağdan-sola, soldan-sağa kəs, parçala, Yaq, yıq, Top patlasın artıq, Top patlasın, əflakı donatsın, Evlər yıqılıb yerlərə batsın. Onlar, əvət, onlar, Qeysərdəki dəhşətləri görsün, qurusunlar. Qeysər adı bəlli!.. Basdımsa ayaq hər yerə ən şanlı təsəlli… Bu sırada marş susar. Həp susdular, iştə! Bəsbəlli, səbəb var bu gedişdə… Bənsiz bütün aləm susar, əlbət, Yoq kimsədə bir zərrə cəsarət. Onlar kimi bəklər? Yoq şübhə, bənim əmrimi bəklər. Vilhelmi zaman etdi oyuncaq. Qeysər, ulu qeysər bənim ancaq! Bən qeysərim amma, (S o l o m o n a) Hiç kimsəyə bildirmə, saqın, kimsəyə açma! (Birdən halı dəyişər, Solomonu şiddətlə silkələr.) Vilson, gidi Vilson! Bir söylə, nədir bunca fırıldaq, bu nə olsun? Ah, sən nə inəksin, Qorqaq və dönəksin. (Dəhşətlə bağırır.) Tacım hanı, ver tacımı?! S o l o m o n (yerdəki parçalanmış qalpağı göstərər.) İştə! (Sinirli.) Tacınla bərabər yerə keç bə!.. K n y a z (qalpağı yerdən alar) Bir qeysərə layiqmi bu? Haşa! (Təkrar yerə çırpar…) S o l o m o n (ətrafa) Dəhşətli tamaşa!.. Lena yüzünü qapayaraq şiddətlə ağlar, Knyaz ona yaqlaşaraq. K n y a z Yoq, ağlama əsla! Söz verdi dəmin Həzrəti-İsa, Annən dirilib şimdi məzardan çıqacaqdır, Göylərdə günəşlər yaqacaqdır. L e n a (Solomona sarılaraq) Məhv oldu babam, ah, ona yardım, ona rəhm et. (Çocuqca hönkürtülərlə ağlar.) S o l o m o n (qolundan tutub qapıya doğru aparır) Yavrum, üzülürsün, bəni dinlə, Sən get! Doktor gəlicək gəl bana söylə. Lena çıqmaq istərkən, Jasmen sadə yolçu qıyafətində Antonla bərabər gəlir. Knyazı o halda görüncə dona qalar. L e n a Heyrət! A n t o n Nə qıyafət!? S o l o m o n (Knyaza) Jasmen dediyin iştə şu afət! K n y a z (nifrət və həyəcanla) Yoq, yoq, o süpürgə, Ağ bir ləkə… yaxud qara kölgə!.. J a s m e n (ətrafa) Ya Rəb, bu nə halət, nə qıyafət! (Knyaza) Knyaz, bəni əfv et! K n y a z Sən kimsin? Əcayib şu nə xilqət!? Dəf’ ol da, çəkil get! A n t o n Jasmen! J a s m e n Gedəlim… K n y a z Dur! (Hər ikisi şaşırır. Knyaz tatlı gülüşlərlə Antona yanaşır, omuzlarını oqşar.) Şakro bana istəkli oğuldur Xoş gəldin, əzizim, nə xəbər var? Onlar hanı? A n t o n Kimlər? K n y a z Canavarlar! Anton… o vəfasız Klopatra Xırsızla o nazəndə dilara… A n t o n (sarsılmış və kinli) Knyaz! Bizi təhqir ediyorsun. K n y a z (hiddətlə bağırır) Sus!.. Qeysərə knyazmı diyorsun!? A n t o n (acı qəhqəhəylə) Qeysər qara qaplan… Knyaz da onun kölgəsi əl’an… Bu sırada dışarıda beynəlmiləl marşı çalınır. K n y a z (geri çəkilərək, qorqaq və həyəcanlı) Dəhşət! Yenə dəhşət! Onlar gəliyor, iştə, fəlakət! (İçəri tərəfdə açıq qapıdan yanğın əlaməti görünür, təlaş ilə.) Yanğın savurur aləmə vulkan! Sarmış didişən yüzləri al qan. (Cibindən revolverini çıqarır. Hücum ilə.) Yoq, yoq, duramam, getməliyim bən, Düşmanları qəhr etməliyim bən. (Yanğına doğru bir qurşun atar.) Al, iştə!.. Bu atəş sizi uslandırır ancaq! Qeysər sizə olsunmu oyuncaq? Atəş!.. Yenə atəş!.. Yenə atəş!.. (hücum əmri verir kibi bir qurşun daha atar, içəri fırlar, içəridə üçdörd qurşun açılır. Lena başını əlləri arasına alıb ağlar.) J a s m e n Heyrət! S o l o m o n Bu nə zillət! A n t o n Nə səfalət!.. S o l o m o n Yardım, ona yardım? K n y a z (çıqar) Lazım deyil əsla bana yardım, Məhv olsa da Jasmen… Yoq, onlara təslim olamam bən. (Əlindəki revolveri süzərək.) Atəş!.. Yenə atəş!.. Yenə atəş!.. (kəndi alnını nişan alır, qurşun açıldığı kibi düşər.) L e n a Eyvah!.. (Acı göz yaşları ilə cənazənin üzərinə qapanır) S o l o m o n Nə dəhşət!?.. J a s m e n Nə fəlakət!? K n y a z (can çəkişərək son nəfəsində) Ah, onları… məhv etməli… S o l o m o n Heyhat!.. A n t o n (məğrur) Qeysərlərə, knyazlara ən şanlı mükafat!!! Pərdə SON * * * Kitabxana.az · https://kitabxana.az/collections/cavid-knyaz İctimai mülkiyyət (müəllifin vəfat ili: 1941). Public domain (author died 1941). Original text only.