Maral Hüseyn Cavid (1882–1941) Maral ƏŞXAS T u r x a n b ə y – Ortaboylu, şişmanca bir mülkədar, milli qiyafətdə, 48 yaşında. M a r a l – Turxan bəyin hərəmi; həssas, narin vücudlu, əsmər bənizli bir qızcığaz, 16 yaşında. Cəmil bəy – Turxan bəyin oğlu. Zəif əndamlı bir gənc, 27 yaşında. Bəypolad – Yücə boylu, qartal baqışlı bir texnik (mühəndis), milli (dağıstanlı) qiyafətində, 45 yaşında. S ə l t ə n ə t – Bəypoladın həmşirəsi, əski dağıstanlı qiyafətində, 42 yaşında. H u m a y – Bəypoladın həmşirəzadəsi... Olduqca gözəl və mə’lumatlı bir qız, 22 yaşında. N a d i r bəy – Dava vəkili, 36 yaşında. Ç i n g i z b ə y – Topçu alayına mənsub bir zabit, 32 yaşında. A r s l a n b ə y – Turxan bəyin əqrəbasından; gözəl simalı, mirasxor bir bəyzadə; milli qiyafətdə, 25 yaşında. Q a z ı – Əbus çöhrəli bir ixtiyar, 70 yaşında. D o k t o r – Orta yaşlı bir rus. A ş ı q S u l t a n – Haqq aşığı; köylü qiyafətində. N a z l ı – Eyi ruhlu, dindar bir qadın, əski qiyafətdə. B a y r a m – Turxan bəyin xidmətçisi, 30 yaşında. C a v a n b i r l ə z g i – Bəypoladın xidmətçisi. * * * Birinci pərdə -Vəq’ə Qafqasya şəhərlərindən birində vaqe olur. Səhnə: qürub zamanı Turxan bəyin evində divarı, döşəməsi xəlilər ilə süslü, alafranqa bir qəbul odası göstərir. Divarda Şeyx Şamilin rəsmi ilə bir böyük divar saatı və bir ayna asılmış, sağda və solda birər qapı, bağçaya nazir iki-üç pəncərə, iki böyük lampa, sandaliyələr, masalar və sairə...* -Maral sol tərəfdəki – açıq bıraqılmış qapıdan içəri girər, kəndi halından məmnun olmadığı yüz-gözündən sezilir. Pəncərələrdən birini açıb bağçayı seyr edər və eşidilməkdə olan bülbül nəğmələrini dinləyərək məhzun və düşüncəli bir halda dalıb gedər.* N a z l ı (sağ qapıdan daxil olaraq). Maral! Mələyim, nə düşünüyorsun? Ma r a l . Hiç, Nazlı bacı, hiç... N a z l ı . Bən sana ana yerindəyim, yavrum! Nə dərdin varsa, aç, söylə! Ma r a l . Allah qızcığazını sana çoq görməsin! Bu evdə yenə azçoq səninlə təsəlli bulurum. N a z l ı (bağçayı göstərərək). Baq, şu bahar çiçəkləri, şu bülbül nəğmələri nə qadar gözəl!.. Azacıq gedib gəz də, könlün açılsın. Ma r a l . Ah, bu gözəl bahar hər kəsin könlünü açdığı halda, nədənsə bəni sıqıyor. O rəngarəng çiçəklərin lətif rayihələri sanki bəni boğuyor. O şətarətli bülbüllərin sevimli nəğmələri guya bana gülüyor, yaxud bənim talesizliyimə ağlıyor. N a z l ı (yapma bir gülüşlə). Allah eşqinə, hiç böylə padşah sarayında yaşayan bir xanım da taleyindən şikayət edərmi? Ma r a l . Haqqın var, Nazlı bacı!.. Lakin bu geniş dairə, bu müzəyyən və gözəl odalar bana dar və qaranlıq məzarlardan daha sıqıntılı gəliyor. Off, bəxtiyarlıq içində ölmək – kədərlər, üzüntülər içində yaşamaqdan bin qat xeyirli imiş. İki sənə əvvəl böylə məş’um, qara günü kim xatırlardı? Məs’ud bir gövərçin kibi saf və azadə yaşıyordum; məktəbi bitirmək üzrə ikən zavallı babam tərki-həyat etdi. Yüz yerdən görücü gəlməkdə ikən, yoq olası Turxan bəy bəla yıldırımı kibi üstümüzü aldı. Artıq onun adı gəlincə hər kəs susmağa başladı. Hətta Arslan da, sevgili Arslan da sükuta məcbur oldu. N a z l ı . Yaradana qurban olayım, hər şey onun əlində... Bir gün insanı həm bədbaxt edər, həm xoşbaxt... Ma r a l . Ah... Nazlı bacı, insan o vaqt xoşbaxt olardı ki, dünyaya hiç gəlməyəydi!.. -Hər ikisi məhzunanə və düşüncəli bir sükut ilə baqışıb dururlar. Bu sırada Bayram ə s g ə r v a r i qollarını sallayaraq, ayaqlarını yerə vura-vura qalın və mühib bir səslə:* “Bən bir türküm, dinim, cinsim uludur; Sinəm, özüm atəş ilə doludur. Doludur, doludur, Dur! Dur! Dur...” deyə sol tərəfdəki qapıdan içəri girər, başıaşağı olaraq odanın o biri başına qadar adımlar. N a z l ı və M a r a l onun şu sərsəm və çocuqca hərəkətini heyrətlə seyr edib dururlar. Bayram (başını qaldırıb onları görüncə şaşırır. Marala itiraz ilə). Ah, əfv edərsiniz, hiç sizin burada olduğunuzu bilmiyordum. M a r a l (nazikanə). Bayram, Allah ağıl payladıqda sən nerədə idin? Bayram (sırıtaraq). Göygöz mollanın yanında “şəkkiyyat” öyrəniyordum. N a z l ı . Vay, səni yoq olasan! Hələ utanmadan cavab da veriyor. (Bayram mə’nasız qəhqəhələrlə digər odaya keçər.) T u r x a n b ə y (saqalını tıraş etdirmiş olduğu halda daxil olaraq). Aqşamlar xeyir olsun, Maral! Nasılsın, iki gözüm? Keyflər eyimi? M a r a l (məhzunanə). Təşəkkür edərim. T u r x a n b ə y (Maralın əlini əlləri içinə alaraq). Lakin səni azacıq düşüncəli görüyorum. Hər duruşunda, hər baqışında bir darğınlıq, bir küskünlük var. Bilirmisin, Maralım!.. Bu mə’sum çöhrəyi bir dəqiqə belə məhzun görmək istəməm. Burada sıqılacaq bir şey yoq! Canın nə istərsə, qəlbindən nə keçirsə, bir an içində mühəyya olur, mələyim! Bənim varım-yoxum, mülküm-malım, başım-canım sənin ən küçük bir arzun için fəda edilməyə hazırdır. (Nazlı lampaları yaqıb çıqar.) Söylə, Maralım, söylə! Niçin bu qadar düşünüyorsun? M a r a l (yapma bir nəzakətlə). Doğrusu, yalnızlıq, arqadaşsızlıq bana çox tə’sir ediyor. T u r x a n b ə y (onun sözlərindən bir mə’na çıqarmış kibi qəhqəhə ilə gülərək). E...yy, anlaşıldı, gülüm, anlaşıldı... İnşallah bir-iki ay sonra oğlum Cəmil Barjomdan gəlir. Çapucaq ona da bir qız nişanlarız, vur-patlasın, çal-oynasın, əyləncəli bir toy məclisi qurulur. İştə o zaman, sana da, sənin kibi gözəl, mini-mini bir arqadaş bulunmuş olur. Həm də istədiyin qadar gülərsin, oynarsın. B a y r a m (əcələ içəri soqulur). Əfəndim, dostunuz, dava vəkili Nadir bəy gəlmək istiyor. T u r x a n b ə y. Haydı, söylə buyursunlar. (Bayram çıqar, Turxan bəy Maralı öpərək mütəhəssiranə.) Get, Maralım, sən də get... İştə misafir gəliyor. (Maral gedəcək olur.) T u r x a n b ə y (arqasınca). Maral! M a r a l (dönüb baqaraq). Əmriniz? T u r x a n b ə y (onun gözlərinə diqqət edərək). Hiç, yavrum, get! (Maral çıqar, Nazlı daxil olub masa üzərinə iki-üç kül qabı qoyub gedər, Turxan bəy, Nazlıya eşitdirəcək bir ahənglə.) Sanki anası doğardoğmaz qızcığazın gözlərinə baqıb da ona görə ad qoymuş. Gerçəkdən Maral deyil, adəta maral baqışlı bir mələk!.. N a d i r b ə y (daxil olaraq). Əssəlamü-əleyküm... T u r x a n b ə y. Vəəleyküm-əssəlam, əfəndim, buyurun baqalım. (Əl verib qarşı-qarşıya otururlar.) Nadir bəy (Turxan bəyin saqalını tıraş etdirmiş olduğuna heyrət edərək). Bu nə hal, bu nə qiyafət, canım? Maşallah, büsbütün dəyişmişsiniz! T u r x a n b ə y (əlilə bıyıqlarını oqşayaraq). Doğrusu, bu son vaqtlarda saqaldan o dərəcə nifrət ediyorum ki, əsla görməyə gözüm yoq. Na d i r b ə y . Gerçəkdən Maral xanımın üzərinizdə pək böyük tə’siri varimiş! Sizi bir yıl əvvəl görmüş olanlar, əmin olunuz ki, şimdi tanıyamazlar. T u r x a n b ə y (laübali). E...y, nə yapalım, əzizim, ömür keçdikcə eşqin, sevdanın keçəcəyini də hər kəs söylər, durur! Fəqət yalan!.. Həm də pək böyük bir yanlış... Bir şam yanıb, əriyib də sönmək üzrə ikən nasıl şiddətli bir nur saçarsa, İştə qoca bir könül də eşqə, məhəbbətə qarşı o dərəcə böhranlı bir hərarət, xəyala sığmaz bir şiddət göstərir. Nadir bəy (təbəssümlə). Lakin hər nasıl olsa, yenə azacıq ağır davranmalısınız. Doğrusu, sizin yerinizə bən Cəmil bəydən utanıyorum. Yarın gəlib də bu yaşda bir qız aldığınızı görürsə nə der, əcəba?! T u r x a n b ə y. Bıraq Allah eşqinə, çoluq-çocuq ağzına baqacaq deyiliz, a!.. Na d i r b ə y . Pəki Cəmil nə yazıyor? Hala gəlmiyormu? T u r x a n b ə y. “Hüquq”dan diplomasını alıb da Barjoma gəlmiş, yorğunluğunu çıqarmaq için yazı orada keçirəcəkmiş. Na d i r b ə y . Barjomun nerəsində ev kiralamış? T u r x a n b ə y. Yazdığına görə Bəypolad ismində dağıstanlı bir mühəndislə buluşmuş, onun ailəsilə bir yerdə yaşıyormuş... Na d i r b ə y . Çoq ehtimal var ki, bir az sonra bən də gedərim. T u r x a n b ə y . Sizi görür-görməz, inan ki, Cəmil sevincindən çıldırır. Na d i r b ə y . Əlimdəki işləri yoluna qoya bilsəydim, artıq burada durmazdım. T u r x a n b ə y. Eyi xatirimə gəldi, bir xoş xəbər daha... Nadir bəy (məraqla). Nasıl? Nə imiş, əcəba? T u r x a n b ə y. Cəmili evləndirmək istiyorum, yalnız gəlib çıqmasını bəkliyorum. Na d i r b ə y . Kim bilir! Bəlkə o, şimdiyə qadar birilə sevişib evlənmiş də, yalnız bizim xəbərimiz yoq... T u r x a n b ə y . Xayır, oğul bənimsə, xəbərsiz iş tutmaz. Onun için bir qız bulmuşum ki, röyasında belə görəməz. Həm gözəl, həm anababasının bir danəsi, həm də son dərəcə zəngin. Na d i r b ə y . Bəncə gözəllik zevqə aid bir şeydir. Sərvət isə, düşündüyünüz kibi, insanı pək da məs’ud edəməz. Bir də bir qızı sərvəti için deyil, dilxah və tərbiyəli olduğu için alırlar. T u r x a n b ə y. Nadir! Nadir! Hiç bir hiss, hiç bir qüvvət, hiç bir yer yoq ki, orada altın, gümüş rol oynamasın. Əmin olunuz ki, dünyanın bütün İzzəti bütün səadəti ancaq para ilə əldə edilə bilir. N a d i r b ə y (yerindən qalqaraq). Əvət, hər şey para ilə əldə edilir; illa fəzilət və insaniyyət!.. T u r x a n b ə y . Xayır! Xayır... Fəzilət də paradadır, insaniyyət də... Na d i r b ə y . Yanılıyorsunuz, əfəndim, sizə insan qılığında öylə çulsuz-palansız uzunqulaqlar göstərə bilirim ki, yalnız altından yapılmış bir palanları əskikdir. -Turxan bəy istehzalı qəhqəhələrlə gülər.* B a y r a m (əcələ içəri girər). Əfəndim, aşıq Sultan gəlmiş. Na d i r b ə y . Hanki Sultan? Bizim köy işlərinə baqanmı? Bayram. Əvət, əfəndim. Turxan bəy (Nadir bəyə). Nə eyi təsadüf!.. Onun saz çalmasını və dəyərli aşıq sözlərini çoqdan bəri eşitdiyim yoq. Nadir bəy (Bayrama). Söylə, içəri gəlsin. B a y r a m. Kəndisi yalnız deyil, əfəndim, yanında dağıstanlı bir bəy də var. T u r x a n b ə y. Pəki, adını öyrənəmədinmi? B a y r a m. Adı Bəypoladdır, əfəndim. T u r x a n b ə y. Haydı, söylə buyursunlar. (Bayram çıqar) Na d i r b ə y . Əcəba bu hanki Bəypoladdır? T u r x a n b ə y. Zənnimcə Cəmilin arqadaşı olmalı... Na d i r b ə y . Pəki, onun burada nə işi?.. Turxan b ə y . O, mühəndisdir, ehtimal ki, dəmiryola baqmaq için gəlmiş. Na d i r b ə y . Ehtimal ki... T u r x a n b ə y . O olsa fəna olmaz, Cəmildən eyi bir xəbər bilmiş oluruz. -Bu sırada Bəypolad ilə aşıq Sultan içəri girər, salamlaşaraq adlarını bir-birinə söylərlər. Hər üçü oturur, yalnız aşıq ayaqda durur.* T u r x a n b ə y (Bəypolada). Təşrifiniz Barjomdanmı, əfəndim? B ə y p o l a d. Əvət... Na d i r b ə y . Cəmil bəyin keyfi nasıl? B ə y p o l a d. Əvvəllər azacıq yorğun kibi idi, lakin şimdi eyidir. Həm də sizə məxsusi salamı var. Na d i r b ə y . Təşəkkür edərim. B a y r a m (daxil olur, Turxan bəyə). Əfəndim, Çingiz bəy adam göndərmiş, diyor ki, bəy əfəndi evdə isə buyursunlar, bir az vaqt keçirəlim. T u r x a n b ə y . Söylə ki, misafirimiz var, əgər arzu edərsə kəndisi buyura bilir. Bayram çıqar. A ş ı q S u l t a n (Turxan bəyə). Bəndəniz gedəyimmi, əfəndim? T u r x a n b ə y. Gedə bilirsin, əzizim, fəqət sazını alıb geri dönmək şərtilə. Aşıq Nadir bəyə baqar. Na d i r b ə y . Zərər yoq, madam ki, arzu ediyorlar, sazını al da, gəl, fəqət çoq gecikmə! A ş ı q S u l t a n . Baş üstünə, əfəndim... (Çıqar.) Turxan bəy (Bəypolada). Doğrusu, böylə birdən-birə təşrif etməniz bəni o qadar sevindirdi ki!.. Nasıl təşəkkür edəcəyimi bilmiyorum. B ə y p o l a d. Əskik olmayın, əfəndim... N a d i r b ə y (Bəypolada). Nasıl? Cəmil kəndinə eyi arqadaşlar bulmuşmu? B ə y p o l a d. Xayır, o kimsəyə qarışmaz. Na d i r b ə y . Pəki, yalnız başına sıqılmıyormu? B ə y p o l a d. Niçin sıqılsın! Səhər-aqşam həmşirəmin qızı Humay ilə bərabər seyrə çıqarlar. Na d i r b ə y . Zənn edərsəm, Cəmil təbiətdəki gözəlliklərə pək məftun olmalı! B ə y p o l a d. Onu hiç sormayınız!.. Ya o, ya Humay xanım küçücük bir şəlalə qarşısında saatlarca dalıb gedərlər. Turxan bəy (Nadir bəyə). Ey, təbiətdəki gözəlliyə onlar məftun olmayıb da, bənmi olacayım? Gənclik öylə bir ne’mət ki, onunla hər şey insana xoş görünür. Ömür artdıqca həyatdakı nəş’ə də o nisbətdə əksilir; nəş’ə əksildikcə qeydi-həyat artar, qeyd artdıqca binlərcə sıqıntı-üzüntü insanı sarmağa başlar. (Divardakı saatı göstərərək). İştə bu saatın hər vuruşu həyatımız için ən müdhiş bir zərbə deməkdir... Bu sırada Ç i n g i z bəylə A r s l a n bəy daxil olurlar. Ç i n g i z b ə y (ciddi və məğrur bir ahənglə). Canım, biz alçaq könüllü peyğəmbərlərdəniz; dağ bizə gəlməzsə, biz dağın ətəyinə gedəriz. T u r x a n b ə y (qəhqəhə ilə). Hiç Çingiz adında peyğəmbər eşitdinizmi? Ç i n g i z b ə y (Turxan bəyə). Allah eşqinə, sən... sən hələ bəni tanımadınmı? (Məclisdəkilər ilə görüşürlər). T u r x a n b ə y (təkrar gülərək). Otur baqalım, əzizim, otur. Səninlə sonra qonuşacayım (Çingiz bəy və Arslan bəy otururlar). Ç i n g i z bəy (Bəypoladı diqqətlə süzərək). Əfsus ki, bəy əfəndiyi tanıyamıyorum. T u r x a n bəy (Çingizə). Nasıl!? Ha, ha, ha... İştə, Bəypolad həzrətləri; Cəmilin Barjom arqadaşı, həm də pək alicənab və möhtərəm bir zat! Ç i n g I z bəy (böyük bir heyrətlə yerindən qalqaraq). Aman, nə diyorsunuz! T u r x a n b ə y. Əvət, əzizim! Ç i n g i z b ə y (təkrar Bəypoladın əlini sıqaraq səmimi bir ciddiyyətlə). Şübhəsiz, Dağıstan tərəfindənsiniz, deyilmi? B ə y p o l a d. Əvət, qardaşım!.. Dağıstan türklərindənim. Ç i n g i z b ə y . Ah, bu görüşdən nə qadar məmnun oldum, bilirmisiniz? B ə y p o l a d. Əskik olmayın. T u r x a n bəy (Bəypolada). Əfəndim, Çingiz bəy Dağıstan xalqına qarşı pək başqa hörmət, pək başqa bir məhəbbət bəslər; dağıstanlı adı eşitdimi, büsbütün çıldırır. Ç i n g i z b ə y . Fəqət haqsızmıyım? Onu söyləyiniz!.. (Şeyx Şamilin divarda asılmış rəsminə yaqlaşaraq kəskin bir ahəng ilə). İştə həm fazil, həm cəngavər bir dağıstanlı! İştə Şeyx Şamil!.. Baqınız, yalnız şu heykəli-cəladət, şu qoca qəhrəman, ilələbəd dağıstanlı adını yaşatmaq için kafidir! Ah, nədənsə bilməm, daima şu böyük simaya qarşı qəlbimdə dərin bir hörmət, böyük bir məhəbbət hiss edərim. Şu parlaq nasiyədə, şu düşüncəli gözlərdə öylə mə’nalı bir əzəmət, öylə əzəmətli bir məhabət var ki, yalnız dostları deyil, düşmanları belə bir baqışda heyran olub qalırlar. T u r x a n bəy (yerindən qalqaraq). Yaşa, Çingiz, yaşa!.. Doğrusu, sözlərinizin hər biri birər elmas parçasından daha dəyərlidir. (Bu sırada aşıq Sultan içəri girər). Otur, aşıq, otur, baqalım. (Qapıya) Bayram! B a y r a m! (Bayramdan cavab gəlməz, Arslan bəy onu çağırmaq için qalqar). T u r x a n bəy (Arslan bəyə). Rica edərim, söylə çay gətirsinlər... A r s l a n b ə y . Bu saat, əfəndim. (Sağ qapıdan çıqar). T u r x a n b ə y . Haydı, Sultan, söylə baqalım!.. A ş ı q S u l t a n . Bəylər, əfəndilər nə əmr edər? Ç i n g i z b ə y . Sənin keyfin nə istərsə, onu... A r s l a n b ə y (daxil olub Turxan bəyə). İştə gəliyor, əfəndim... T u r x a n b ə y. Allah onun bəlasını versin. Bayram çay gətirir. Payladıqdan sonra çıqar. A r s l a n b ə y (Çingizin qulağına heyrətlə). Ah, Maral, nə Maral!.. Maral demə, bir cənnət pərisi... Ç i n g i z b ə y (hiddətli, fəqət alçaqdan). Arslan! Gözlərimin içinə bir eyi baq!.. A r s l a n b ə y (təlaş ilə). Aman! Rica edərim. Ç i n g i z b ə y (eyni ahənglə). Sən vicdanını nerdə qayb etdin? A r s l a n b ə y (şaşqın). Çingiz!.. Na d i r b ə y . Haydı, Sultan, söylə baqalım... (Çingizlə Arslan bəyə təbəssümlə). Gizli söhbət yasaqdır, əfəndilər!.. A ş ı q S u l t a n (başlar) E...yyy... Vicdanları parlaq tutan sevgidir, Sevgisiz könül ya daşdır, ya dəmir... Bir könülə iki sevgi yaraşmaz, Könül bir, sevgi bir, böyük Tanrı bir... (Mükərrər.) T u r x a n bəy (başını sallayaraq mütəfəlsəfanə təkrar edər). Könül bir, sevgi bir, böyük Tanrı bir... A ş ı q S u l t a n . Əfəndilər!.. Sevgidədir ancaq Allah rizası, Sevgisiz bir gönül şeytan yuvası... Qardaşım! Bu dünya kimsəyə qalmaz, Aldanma! Çürükdür əsli, əsası... (Mükərrər.) Ç i n g i z b ə y . Yaşa, Sultan, yaşa! Aşıq bir-iki öksürür. Bu sırada Bayram, bənzi uçmuş bir halda içəri girib döşəməyi gözdən keçirir, ciblərini araşdıraraq şaşqın və mütəcəssis bir halda çıqıb gedər.) A ş ı q S u l t a n . Aaxx... İnsan bir gün dikən, bir gün çiçəkdir, İnsan gah bir şeytan, gah bir mələkdir. Fənalıq, eyilik bil nə deməkdir! Yarın adın dastan olur dillərdə... (Mükərrər) Hər tərəfdən Sağ ol! Var ol! – deyə aşığı alqışlarlar. Aşıq (yenə dəvam edər). Ağalar!.. Nə buldular İsgəndərlər, Çingizlər!? Qanlar döküb, canlar yaqıb getdilər!.. Cihanı titrədib alt-üst etdilər, Qanlı bir iz bıraqdılar ellərdə... (Mükərrər) Ç i n g i z b ə y (nifrətlə). Aşıq!.. A ş ı q. Əfəndim... Ç i n g i z b ə y (qapıyı göstərərək hiddətli). Artıq yetişir, haydı dəf’ ol!.. T u r x a n b ə y (heyrətlə). Niyə, canım!? Nə oldu ki? N a d i r b ə y (mə’nalı bir qəhqəhədən sonra). Zərər yoq, Sultan, sən get. (Aşıq gedər). T u r x a n b ə y (Çingizə). Yazıq deyilmi ya!.. Niçin könlünü qırdın? Ç i n g i z b ə y (sinirli). Allah eşqinə, söylətmə bəni... T u r x a n b ə y. Pəki, nə oldu ki?! Söyləsənə!.. Ç i n g i z b ə y (qızğın). Daha nə olacaq!.. Böyük Çingiz, o sarsılmaz hökmdar tariximizin ən şanlı bir qəhrəmanı olduğu halda, təhqir ediliyor da kimsə əhəmiyyət vermiyor. Turxan bəy (Çingiz bəyə). Bu, təhqir deyil, əzizim, bəlkə tarixlərdə görünmüş bir həqiqətdir. Ç i n g i z bəy (ayaqda gəzinərək qayət sinirli). Əfv edərsiniz, əfəndim! Öylə çürük həqiqətlər bir taqım boş qafalara yerləşə bilir. Mühakiməli bir adam, öylə iftiralara əsla qulaq verməz. (Daha şiddətli). Azacıq insaf etməli, İştə hər millətin tarixi meydanda... Əcnəbilər böyük İsgəndər, böyük Napoleon deyə öz qəhrəmanlarına abidələr yapdırıyor,heykəllər dikdiriyorlar. Fəqət bizlər!.. Bizlər isə Çingiz kibi cihangirlərə, Teymur kibi qəhrəmanlara xunxar, canavar deyə ləkələmək istiyoruz! B ə y p o l a d (Çingiz bəyə). Doğrusu, bu xüsusda bən də səninlə həmfikirim. Gerçəkdən, millətimiz pək sönük, pək mühakiməsiz... Daima düşman ağzından eşitdiyi iftiraları bir həqiqət zənn edib də, ona görə söz söylər. Həm də bu iftiralar, bu həqarətlər ən ziyadə Şərq kitablarına məxsus bir haqsızlıqdır. T u r x a n bəy (Nadir bəyə). Pəki, bu xüsusda sən nasıl düşünüyorsun? N a d i r bəy (sandaliyədən qalqaraq məharətli bir natiq tevrilə). Hər kəs eyi bilir ki, bən əsla qan dökülməsini sevməm. Deyil ki, məxluqatın ən şərəflisi olan insanların, hətta zəif, aciz bir qarıncanınbelə qanına girmək, bəncə, əfv edilməz bir cinayətdir. Fəqət, tarixialəm bir dəfə gözdən keçirilsin... Şimdiyə qadar qansız, müharibəsiz hanki vəq’əyə rast gələ bilirsiniz? Birinci olaraq tarixi-müqəddəsi alın. Nə bulursunuz?.. İlk səhifədə Qabil kibi xain cəllad bir qardaş siyah nasiyəsilə qarşınızda dikilib durur. Sonra yapraqları çevirin! Dinisiyasi binlərcə qanlı səhifələr gözlərinizi qamaşdırır. Din və məzhəb bayrağı altında dökülən qanlar bir yana, siyasət naminə edilən məzalimi sayıb bitirmək için binlərcə, milyonlarca kitab lazım... Yalnız Çingizi, yaxud onun kibi bir-iki cihangiri haqsız görüb də başqalarını haqlı göstərmək, zənnimcə pək böyük bir haqsızlıqdır. B ə y p o l a d. Əvət, doğru, həm də pək doğru... Na d i r b ə y . Lakin yenə təkrar edərim, bəncə, əsil qəhrəmanlıq yara bağlamaqdadır, abad etməkdədir. Yoqsa həmcinsinə qıymaqdan, yaqıb-yıqmaqdan zevq alanlar, başqasının fəlakətində səadət arayanlar, birər adi cəlladdan başqa bir şey deyildir. Çingiz bəy (şiddətli qəhqəhələrlə). Öylə isə bütün insanlar, bütün təbiət, bütün kainat birər cəllad deməkdir. Bəypolad (saatına baqaraq ümuma). Əfsus ki, şərəfi-müsahibətinizdən məhrum olmaq zamanı yetişdi (Turxan bəyə). Müsaidə buyurulsa... T u r x a n b ə y. Nə əcələ ediyorsunuz, canım!.. B ə y p o l a d. Vəzifəm, rəsmi vəzifədir əfəndim, bir az daha geciksəm boynuma məs’uliyyət gəlir. Çünki şura bana müntəzirdir. T u r x a n b ə y. Bu şura niçindir, əcəba? B ə y p o l a d. Dəmiryol məsələsinə aiddir, əfəndim! T u r x a n b ə y. Pəki, bu gəlib-getməkdən biz nə anladıq?! B ə y p o l a d. Inşallah, yenə görüşürüz. Bu sırada Bayram şaşqın bir halda daxil olur, yenə ətrafı gözdən keçirir, bir daha ciblərini yoqlar. Boş qədəhləri toplayıb götürmək üzrə ikən bir-ikisini düşürür. T u r x a n b ə y. Nə olursun, bə!? Çıldırdınmı?! Bayram. Əfəndim, əfv edərsiniz... (Yaşarmış gözlərini silərək). Ah, bilməm çaldılarmı? Kəndimmi düşürdüm? Iki aylıq maaşım qoltuq cibimdə idi... (Hönkür-hönkür ağlayaraq). Getdi, əvət, getdi... Bütün əməyim hədər oldu, getdi... Bəypolad (kəskin və hiddətli bir tevr ilə Bayrama). Gəl buraya, oğlum! Bayram ona yaqlaşır və donuq bir vəziyyətlə baqıb dururkən Bəypolad sərt və atəşli bir sillə eşq edər, məclisdəkiləri dərin bir heyrət alır, Bayram da durduğu yerdə dona qalır. B ə y p o l a d (Bayrama). Qeyb etdiyin para nə qadardi? Bayram (titrək səslə). İki altın, əfəndim... Bəypolad cibindən iki altın çıqarıb Bayrama vermək istər. Turxan bəy (mane olaraq). Aman, rica edərim! Nə yapıyorsunuz? (Çantasını çıqarır). B ə y p o l a d. Xayır, əfəndim, bənimlə Bayramın arasına kimsənin girməsini istəməm. (Bayram əllərilə göz yaşını silər. Turxan bəyə baqaraq verilən parayı qəbul etmək istəməzsə də, Bəypolad zorla avcuna sıqışdırır və əlini onun omuzuna qoyaraq sərt və kəskin bir ahəng ilə). Bayram! Oğlum, Qulaqlarını eyicə aç! Sözümü, nəsihətimi dinlə!.. Sən bir baba yigitsən, bu hal sana yaraşmaz. Sən bir türk oğlusun, mərd oğul kökünü unutmaz. Ər oğlu ər ol, qəlbini dar tutma!.. Baq nə diyorum sana, sözlərimi unutma!.. (Qayət şiddətli və ağır bir ahəng ilə). Heysiyyətli bir baba yigit, nə oynar... nə gülər... nə də ağlar... Çünki oynamaq çingənələrin işidir, gülmək çocuqların payıdır, ağlamaq da dul qadınlara yaraşır... Anladınmı? İştə bu qadar! Haydı, get!.. -Bayram qədəhləri alıb çıqar.* B ə y p o l a d. Əfəndilər! Cəsarətimin əfv ediləcəyinə əminim, çünki səmimiyyətdən iləri gələn qüsurlar daima əfv edilir. Bir də bənim təbiətim bu!.. Nerdə boynu bükük və miskin bir erkəyə rast gəlsəm, dərhal sinirlərimə toqunur, baxüsus o adam türk qevminə mənsub olursa!.. Çingiz bəy (Bəypolada). Zatən bu böyük bir məziyyət, böyük bir fəzilətdir, əfəndim! B ə y p o l a d (Ümuma). Nə isə, təkrar əfvinizi istirham edər, Allaha ısmarlarım, qardaşlar! (Ağır adımlarla çıqar, məclisdəkilər də onu tə’qib edər). T u r x a n bəy (çıqdıqları sırada Bəypolada). Gəlişiniz bizi nə qadar məmnun etdisə... əmin olunuz ki, gedişiniz də bir o qadar məhzun ediyor. Bəypolad (qapı arasında). İnşallah, yenə görüşürüz. Artıq görünməz olurlar. Sonra Maral daxil olur, misafirlərin çıqdığı qapıya doğru iləriləyərək baqınıb düşünür. N a z l ı (gələrək). Getdilərmi? Ma r a l . Əvət, getdilər. (Yerdə sarı bir gül görüb alır. Nazlıya göstərərək yarı məhzun, yarı mütəbəssim bir halda). Baq!.. Bir baq, Nazlı bacı!.. Ayaqlar altında əzilən bu bədbəxt gülü, bu vərəmli çiçəyi görüyormusun?! Beş gün sonra, İştə bən də bunun kibi təvərrüm edərim! N a z l ı (mütəəssir və nəvazişkar bir səslə). Ah, yavrum!.. Ma r a l . Əvət, beş gün sonra, bən də bunun kibi sönüb gedərim. N a z l ı (masa üzərində bir cığara qutusu görüb alaraq). Bu nə? Bu gümüş qutuyu kim unutmuş? Ma r a l . Kim bilir!.. Bəlkə yeni gələn misafirindir. N a z l ı . Baqınız, İştə, yazısı da var. Maral (alıb oquyaraq). Bunu Arslan bəyə yadigar vermişlər... (Dərin bir ah çəkər). N a z l ı . Öylə isə Bayramı çağırayım da, tez qoşub kəndisinə versin. Ma r a l (dərin bir sükutla düşünür). N a z l ı . Çağırayımmı?.. Ma r a l . Pəki, çağır! -Nazlı sağ qapıdan çıqar. Maral məhzun bir nəzərlə qutuya baqıb düşünür. Bu sırada Arslan bəy sol qapıdan əcələ içəri girər.* Ma r a l . Ah!.. (deyə şaşırır, qutu əlindən düşü verir). A r s l a n b ə y . Aman, əfv edərsiniz... Qaliba sizi rahatsız etdim? Maral (məhcub). Xayır, xayır... (Qutuyu yerdən almaq istər). A r s l a n b ə y (çapucaq kəndisi alaraq). Aman, zəhmət etməyiniz!.. M a r a l (yarı naz, yarı məhcubiyyətlə). Xayır, nə zəhməti var. A r s l a n b ə y . Müsaidənizlə, sizə küçük bir rica etmək istərim, amma... Maral (sükut edər). A r s l a n b ə y . Şu əlinizdəki gülü bana verirmisiniz? M a r a l (süzgün bir baqışla uzataraq). Alınız!.. A r s l a n b ə y (gülü alıb qoqlayaraq). Ah, bilsəniz bu yadigara... əvət, əllərinizi öpmüş olan bu munis gülə, ömrüm olduqca pərəstiş edəcəyim. Həm də son nəfəsimdə bunu qoqulayaraq dünyadan gedəcəyim. (Pərəstişkaranə və məftunanə baqışlardan sonra, haman dışarı fırlar). M a r a l (qapıya doğru ilərilər, məhzun və yaralı bir səslə). Ah, Arslan, Arslan, Arslan!.. (deyə əli alnında, boynu bükük və dalğın bir halda qapıya dayanır). Pərdə * * * İkinci pərdə -Səhnə iki həftə sonra Barjomda səhər vaxtı, pək kənarda açıq və mənzərəli bir guşə ərz edər. Tək-tük sərv ağacları və iki-üç danə də bıçqı ilə kəsilmiş ağac kötüyü görünür. Cəmil bəy əlində bir kitab olduğu halda, Bəypolad ilə bərabər, ağır adımlarla yürüyərək gəlirlər. Uzaqda çoban düdüyü çalınır və bülbül şaqırtısı eşidilir.* B ə y p o l a d. İştə, hər zamankı yerimiz!.. Buracıqda oturub yorğunluğumuzu alsaq eyi olmazmı ya?.. C ə m i l bəy. Oturalım, əfəndim, burası qadar gözəl, baqımlı bir yer bu civarda pək az bulunur. (Hər ikisi ağac kötükləri üzərində otururlar). B ə y p o l a d (kötükləri göstərərək). İştə, böylə təbii yerlərin sandaliyələri də kəndinə məxsus!.. C ə m i l bəy. Allah eşqinə bir baqınız!.. Ormanları inlətən şu vəhşi musiqi, ruhumuzu güldürən şu bülbül nəğmələri nə qadar munis! Nə qadar dilbər! Hələ nəzərimizi oqşamaqda olan şu lətif mənzərələrə, şu təbii gözəlliklərə nerdə rast gələ biliriz?! B ə y p o l a d. Öylə ya... Cənnəti bu qadar tə’rif, tevsif edərlər, İştə burası da cənnətdən bir parça deməkdir. C ə m i l bəy. Şübhəmi var?! B ə y p o l a d (təqdiramiz). Amma sizin bağçanın çiçəklərindən də keçilməz ha! Turxan bəydən ayrıldığım gecə gözəl bir mehtab var idi, gözlərim bağçayı şənlətən çiçəklərə ilişdi, doğrusu, ailənizdəki hüsnitəbiətə heyran oldum. C ə m i l bəy. Xayır, əfəndim, o bağçayı keçən sənə görməliydiniz. Divarlarına varıncaya qadar rəngarəng çiçəklərlə bəzənmişdi. Tavus tükləri kibi hər baqışda insana başqa bir gözəllik ərz edərdi. (Məhzunanə). Fəqət zavallı anacığım vəfat edəli pək çoq deyil... onunçin bu yıl bağçaya eyi baqmadıq. Doğrusu, könül açıqlığı olmayınca, insandakı nəş’ə də alt-üst oluyor. Artıq hiç bir şeyə həvəs qalmıyor. B ə y p o l a d. E...yy, cavanlıqda insanın hissiyyatı pək daşğın, pək həyəcanlı olur. Baq, siz bu dərəcə məhzun olduğunuz halda, Turxan bəydə hiç öylə bir hal görünmüyordu. C ə m i l bəy. Onun qayğı ilə, sıqıntı ilə nə işi!? O, yalnız kəndini düşünür, kəndi keyfinə baqar. Hələ yazıyorlar ki, bu günlərdə evinə on altı yaşında bir gəlin də gətirmiş!.. B ə y p o l a d. Gəlin dedin də eyi xatirimə gəldi. Turxan bəydən ayrıldığım zaman, bəni bir tərəfə çəkib dedi ki: “Qomşumuzda milyonçu bir bəy var, kəndisi bənimlə əhbab... həm də gözünün ağıqarası bir danəcik qızı var. Şimdi Cəmili bəkliyorlar, söylə çocuqluq etməsin! Fürsət əldən çıqar, sonra peşiman olur. Çoq geciksə bir məktub yazsın, nişan yüzüyünü göndərəlim də, iş bitsin, getsin...” C ə m i l bəy (yarım qəhqəhə ilə). Amma da nə gözəl fürsət. Nə xoş xəbər!.. Demək ki, taleyimizin yıldızı doğmağa başlamış da, xəbərimiz yoq... (heyrətlə) Allah, Allah! Dünyada nə əcayib mühakimələr var imiş!.. Böylə qaranlıq dama daş atmaq, ya qeybdən səadət ummaq, əcəba hanki divanənin xəyalından keçər!.. (Qızğın və sinirli).Demək ki, bir qızı və ya bir oğlanı məhv etmək için yalnız ana-babasının rizası kafi imiş!.. B ə y p o l a d. Bu nə demək!.. Şükür Allaha, əqlin, kəmalın hər kəsdən ziyadə... Eyicə düşünüb daşınırsın, kəndi hissiyyatını dinlərsin... Sana zor edəcək deyillər, a!? C ə m i l bəy. Görünür ki, bizim yerin adətindən əsla xəbəriniz yoq... Zor etmək deyil, insanı qəhr etmək belə onlarca əhəmiyyətsiz bir iş. B ə y p o l a d. Sən bu xüsusda hiç məraq etmə!.. Sizin yerin adətini bilməsəm də Turxan bəyi görüb tanıdım... Zənnimcə o, böylə bir haqsızlığı əsla rəva görməz. C ə m i l bəy. Bəlkə bən yanılıyorum!.. Allah ağzınızdan eşitsin! (Ətrafa baqaraq). İştə, Səltənət xanım da gəldi. B ə y p o l a d. Pək gözəl, gəlsin baqalım, həmşirə xanımda nə xəbər var... S ə l t ə n ə t (gələrək). Yenə bir guşəyə çəkilib də nə həsb-hal ediyorsunuz? C ə m i l bəy (yerindən qalqaraq tə’zim ilə). Hiç... Öylə bir şey deyil; təbiətin gözəlliyindən, insanlardakı eyi-fəna hallardan bəhs ediyoruz. S ə l t ə n ə t (Cəmil bəyə). Otur, əzizim, otur!.. C ə m i l bəy (bir ağaca dayanaraq). Böylə daha eyi... B ə y p o l a d (Səltənətə). Humay nerdə... həmşirə? S ə l t ə n ə t . Nişanlısı Şahmar bəydən məktub almış. (Cəmil bəyin halı dəyişir). Zənn edərsəm ona cavab yazıyor. B ə y p o l a d. Pəki, Şahmardan nə xəbər? S ə l t ə n ə t . Bu günlərdə Qazandan Peterburqa getmiş... B ə y p o l a d. Amma bu zabit qısmı də pək tuhaf şey!.. Əqillisi gerçəkdən böyük bir fəzilətə malik olur, Şahmar kibilər də əsil timarxanədən başqa bir yerə yaramaz. Şimdi kim bilir, yenə hanki meyxanə bucağında sızıb qalmış... S ə l t ə n ə t. Hənuz gəncdir, qardaşım, yavaş-yavaş yumuşar, uslanır. B ə y p o l a d (heyrətlə). Kim!.. Şahmarmı?.. Yazıqlar olsun! Adam tanımaqda eyi məharətiniz var!.. Dünyanın bütün dəliləri uslanır da, inan ki, o yenə uslanmaz. Onun adı gəlincə, sanki Humayı qarşımda ağlar görüyorum. S ə l t ə n ə t . Nə yapalım? Şimdi hər hansı qıza baqsanız, ən birinci arzusu evlənəcəyi adamın zabit olmasıdır. B ə y p o l a d (acı qəhqəhə ilə). Ona şübhəmi var!.. Hər kəs bilir ki, zabit həyatı ən məs’ud bir həyatdır! Baxüsus, Şahmar kibi bir abdalın işi nə ola bilir?.. Qılıcını şaqırdataraq vaqtında maaş almaq, gecə-gündüz klublarda, teatrolarda boşboğazlıq etmək... Nerəyə getsə rəfiqəsi xanım əfəndi də bərabər... Böylə qayğısız bir həyatı əcəba hanki qız sevməz?! -Bu halda yaqında bir tüfəng açılır. S ə l t ə n ə t diksinir. Bəypolad və C ə m i l səsgələn tərəfə baqarlar.* Cəmil bəy (titrək və sinirli). Əcəba insanlıqda bu cəlladlıq, bu xunxarlıq nə vaqta qadar dəvam edəcək! (Əlilə işarə edərək). Bir şu avcıya, şu vicdansız hərifə deyən yoq ki, o günahsız quşcığazı məhvetməkdə nə mə’na var? Bir az əvvəl, zavallı daldan-dala qonaraq şaqırşaqır ötüyordu. Ah, mərhəmətsiz cəllad! Mədəni canavar! S ə l t ə n ə t (Cəmil bəyə). Tuhaf şey!.. Sən bunu birinci dəfəmi görüyorsun? Bəypolad (Cəmilin qolundan tutaraq). Bilirmisin, Cəmil! Sən bu əsr için deyil, bəlkə başqa bir zaman için yaradılmışsın. Hissiyyatın o qadar nəcib, o qadar ali ki, şu mühit sənin için pək dar, pək qaranlıqdır... (Əlilə göstərərək). Haydı gəl, bu tərəfdən şu qarşıkı təpəyə çıqalım; orası pək mənzərəli bir yer... S ə l t ə n ə t . Əvət, orası pək gözəl... Ətrafı gözdən keçirdikcə insanın könlü açılır. Fəqət Cəmil bəy azacıq zəif, fəzləcə yorğunluq vücudunu üzər deyə qorquyorum. Cəmil bəy. Əvət, doktor da öylə diyor. Hələ yoquş çıqıb kəndimi yormaqdan büsbütün mən’ ediyor. S ə l t ə n ə t (Cəmilə). Humay gəlib bizi soracaq olursa, yerimizi söylərsin. Arzu edərsə o da gəlir; istəməzsə buracıqda səninlə bərabər qonuşub gəzinir. C ə m i l bəy. Pəki, əfəndim, söylərim... -Bəypolad ilə S ə l t ə n ə t Cəmil bəyə yünül bir təmənna edərək yavaş-yavaş gedərlər*. C ə m i l bəy (bir-iki gəzinərək məhzun bir halda). Humay, Humay! Ah, o gözəl xilqəti düşündükcə bütün ruhum, bütün vücudum sarsılıyor. Yaşadığım müddətdə yalnız onun gül yüzünü görmək, onun lətif səsini eşitmək istərim. (Təbdili-tevrilə). Əvət, o bənim, yalnız bənim olacaq. (Azacıq düşünərək mə’yusanə). Ah, fəqət Şahmardan keçməzsə? Bu sırada yaralı və ağır bir ahənglə, şikəstə məqamında olaraq aşağıdakı türkü, ormanın namə’lum bir guşəsindən eşidilir. Cəmil bəy, dalğın və yorğun adımlarla azacıq səs gələn tərəfə doğru ilərlər. Əlindəki kitabı və şapkayı bir yana atar, səhnənin bir bucağında uzanıb məzkur səsi dinləməyə başlar. İŞTƏ TÜRKÜ Alagöz bir mələk gördüm, vuruldum, Dərdə düşdüm, ah çəkməkdən yoruldum, Hənuz cavan ikən sarardım, soldum, Eşq atəşi hər an yaqıb canımı, Əlimdən aldı səbrü imkanımı. Bulunmaz olmuş dərdimin dərmanı, Fəryadım inlətir vəhşi ormanı. Gəzib alt-üst etdim bütün cihanı, Bir ağ gün görmədim, səfa görmədim; Hiç bir gözəldə bir vəfa görmədim. H u m a y (düşüncəli bir halda digər tərəfdən çıqar, gəzindiyi sırada Cəmil bəy gözünə ilişir. Təlaş ilə). Cəmil! Qalq, əzizim, qalq... Soğuq alırsın da eyi olmaz. C ə m i l bəy (cavab verməz). H u m a y. Cəmil! C ə m i l bəy (Şaşqın). Kim o? Humay. Bənim, bən!.. Haydı, qalq, evə get, burası sənin için eyi deyil, vücudun pək zəif... Cəmil bəy (qalqaraq). Ah, Humay! Sevgili Humay! Nə zaman gəldin? H u m a y. Çoq deyil, əzizim, şimdicik... Cəmil bəy (heyrət və sevinc ilə). Ah, hər uyuyan oyandığı zaman başı ucunda sənin kibi bir mələk görəcəyini düşünsəydi, şübhəsiz uyumağı oyanıqlığa tərcih edərdi. Məzardan baş qaldırdığı zaman, insan səni ziyarət edəcəyini bilsəydi, haman bir an əvvəl ölümün pəncəyiqəhrinə atılırdı... H u m a y (gülümsəyərək). Cəmil! Səndə bir başqa hal görüyorum, bu gün sana bir şeymi olmuş? Cəmil bəy (sükut edər). H u m a y. Niçin cavab vermiyorsun? C ə m i l b ə y . Şimdi rö’yada gördüm ki... H u m a y (maraqla). Nə gördün? Allah eşqinə, söylə! C ə m i l bəy. Söyləməyə dilim varmıyor, Humay! H u m a y (heyrətlə). Nasıl?! C ə m i l bəy (düşünür, cavab verməz). H u m a y. Niçin susdun? Artıq, bəni məraqlandırıyorsun. C ə m i l bəy. Şimdi ki, məraq ediyorsun, dinlə! H u m a y. Dinliyorum, İştə söylə! Cəmil bəy. Humay! Gördüm ki, Barjom misafirləri yavaş-yavaş dağılıyor, hər kəs gəldiyi yerə gediyor... Humay (məraqlı və güləryüzlə). Sonra? C ə m i l bəy. Sonra biz də yol tədarükünə başladıq. Səndən ayrılacağımı sanki hiç düşünməmişdim, ayrılıq zamanı yaqlaşınca birdənbirə gözlərim yaşardı. Təhəmmül edəmiyərək öksüz çocuqlar kibi ağlayıb sızlamağa başladım. H u m a y (incə qəhqəhə ilə). Doğrusu, tuhaf təbiətiniz var! Pəki, ayrıldıqdan sonra təkrar görüşmək gücmü ya?! C ə m i l bəy (azacıq düşünərək, birdən-birə Humayın əlini əlləri içinə alır). Humay!.. Sən hiç bəni sevərmisin? H u m a y (yarım qəhqəhə ilə). Çocuqmu oldun, Cəmil! Pəki, şimdiyə qadar, sana qarşı hanki sevməməzlikdə bulundum? Cəmil bəy. Demək, bəni seviyorsun, deyilmi? H u m a y. Şübhəsiz... Cəmil bəy. Məsəla, nə kibi? H u m a y. Sevgili bir qardaş kibi. Cəmil bəy. Daha?.. H u m a y. Əziz bir arqadaş kibi, səmimi bir əhbab kibi... C ə m i l bəy (çocuqca). Daha? Daha? H u m a y. Dahası yoq, əzizim... Cəmil diz çökərək onun əlini öpmək istərsə də, Humay nazikanə bir tevrlə geri çəkilir. Cəmil bəy (sinirli və aşiqanə). Humay!.. H u m a y (heyrətlə). Cəmil!.. C ə m i l bəy (yalvararaq). Mərhəmət, Humay! Mərhəmət! H u m a y. Bugünkü halın pək qarışıq, Cəmil, nə demək istədiyini bilmiyorum. C ə m i l bəy (əfsürdəhal). Bilməz kibi görünmə, Humay, qəhr etmə bəni!.. Seviyorum, İştə seviyorum səni. Həm də bir Məcnun kibi seviyorum, anladınmı?! H u m a y (təzyif ilə). Lakin nişanlı bir qız olduğumu unutuyorsun... Həm də bu hərəkətini dayım bilsə, səninçin əsla xeyirli olmaz. C ə m i l bəy (acı-acı gülərək). Bir ölüyə Əzraildən bəhs etmək tuhaf deyilmi ya!.. Hiç ruhsuz bir iskelet parçalanmaqdan mütəəssir olurmu? Hiç quru bir heykəl e’dam ediləcəyi için təlaş edərmi? (Məhzunanə). H u m a y! Bən çoqdan əriyib bitmişim. Görüyorsun ki, bəndə həyatdan əsər yoq... Bəni yaşatacaq yalnız, yalnız sənin məhəbbətindir. İnan ki, səndən ayrılsam, yalnız ölümlə birləşirim. Əvət, sevdiyinə qavuşmayanlar, fəqət məzarıstana qavuşurlar. H u m a y (beş-üç adım uzaqlaşaraq). Lakin... Lakin!.. C ə m i l bəy (boynu bükük bir halda). Mərhəmət, Humay, mərhəmət!.. Humay (bir az daha uzaqlaşaraq). Xayır, Cəmil, xayır... Bu hal, əsla şayani-mərhəmət deyil, olsaolsa ancaq layiqi-nifrət ola bilir!.. C ə m i l bəy (qayət mütəəssir). Ah, nifrətmi?! (Qəhriz xəndə ilə). İştə bən də bunu bilmək istiyordum. Anlaşıldı, Humay, anlaşıldı... Əvət, bənim nə qadar alçaq, nə qadar şərəfsiz, nə qadar bədbaxt bir səfil olduğum anlaşıldı... (Sinirli). Nifrət! Nifrət! Nə tatlı mükafat!.. Humay (mərhəmətli). Cəmil, Cəmil! Niçin düşünmüyorsun? C ə m i l bəy (yaralı bir səslə). Yetişir, Humay, yetişir! Yaralı könlümə bıraqmış olduğun yanğını, əmin ol ki, dəryalar belə söndürəməz. (Sür’ətli və sərsəmcə adımlarla uzaqlaşıb gedər). H u m a y (Cəmilin getdiyi tərəfə baqaraq nədamət və təəssüflə). Ah, nə fəlakətli təsadüf!.. Zavallı xəstəlikdən büsbütün xərab olacaq... Bu sırada Bəypoladın xidmətçisi əlində bir telqraf kağızı bulunduğu halda, qoşaraq Humayın yanına gəlir. O nə? X i d m ə t ç i. Telqrafdır, xanım, Bəypolada yetişməlidir. H u m a y (kağızı alıb baqaraq). Kim bilir, o şimdi nerdə? X i d m ə t ç i. İştə gəliyorlar. H u m a y. Haydı, al da kəndisinə ver! (Humay gəzinmək bəhanəsilə bir tərəfə çəkilir). Bəypolad (Səltənətlə bərabər gələrək telqrafı alıb oxur. Qafasını oynataraq məmnun bir tevr ilə). Nə ə’la!.. Nə ə’la!.. S ə l t ə n ə t . Əcəba nerdən? B ə y p o l a d. Peterburqdan... S ə l t ə n ə t (məraqlı). Kimdən? Şahmardanmı? B ə y p o l a d. Xayır, Şahmardan deyil, fəqət ona dairdir... S ə l t ə n ə t . Pəki, nə var? Nə olmuş? B ə y p o l a d (kəskin və mə’nalı bir ahənglə). Şahmar bəy yeni sevmiş olduğu bir rus qızı için intihar etmiş!.. S ə l t ə n ə t . Nə? Intiharmı? B ə y p o l a d (soğuqqanlı). Əvət! S ə l t ə n ə t (sinirli). Nişanlısı olduğu halda, öyləmi? B ə y p o l a d. Əvət! S ə l t ə n ə t (həyəcanlı). Ah, rəzil! Alçaq!.. B ə y p o l a d (Səltənətin qolundan tutaraq mə’nalı bir təbəssümlə). Gəl, canım, gəl!.. Haydı, gedəlim də Humay xanıma baş sağlığı verəlim!.. (Gedərlər). Pərdə * * * Üçüncü pərdə -Vəq’ə bir ay sonra, gündüzün Barjomda vaqe olur. Sağ tərəfdə bir sofa (koridor), solda tək qapılı, iki pəncərəli, küçük, sadə bir oda. Pəncərə önündə bir çarpayı, bir masa, dörd-beş sandalya və masa üzərində bir sürahi, bir-iki qədəh və bir taqım ilac şişələri görünür. Təmmuz... ikindi çağı... Cəmil bəy xəstə olaraq yataqda uyur. Humay (sofada bət-bənizi uçmuş və məhzun bir halda düşünür. Yüzünü göy səmtinə tutaraq). Aman, yarəbbi! Bu nə fəlakətli hal!.. Cəmili azarladığım o mənfur saət, o məş’um dəqiqələr kaş ki, yaranmayaydı!.. Ah, gedib ayaqlarına qapanmaq istiyorum, fəqət, heyhat!..* S ə l t ə n ə t (Humaya rast gələrək). Nə düşünüyorsun, yavrum? H u m a y. Hiç!.. S ə l t ə n ə t . Niçin içəri girmiyorsun? Haydı, gəl, Cəmilin keyfini soralım... Humay. Doğrusu, onu bu halda görməyə qəlbimdə qüvvət bulamıyorum.(Gedər). S ə l t ə n ə t (dərin bir ah çəkərək). Yazıqdır... Allah köməyi olsun!.. (Qapıyı açıb içəri girər, Cəmil bəyə yaqlaşaraq). Cəmil! Cəmil!.. Nasılsın, oğlum?.. C ə m i l bəy (sayıqlayaraq soğuq bir tərzdə). Ha-ha-ha-ha... Bıraqın!.. Bıraqın, canım!.. Bən... Bən Allahı görmək istiyorum. S ə l t ə n ə t (gözləri yaşarır, məndil ilə silərək). Cəmil, yavrum!.. Bəypolad (daxil olaraq). Cəmil nasıl, həmşirə? S ə l t ə n ə t . İştə uyuyor, fəqət zavallı gözümə pək bihal görünüyor. Hələ sayıqlaması, sərsəm kibi söylənib durması, büsbütün bəni mə’yus edir. B ə y p o l a d. Doktor hənuz gəlmədimi? S ə l t ə n ə t . Xayır... Bir də doktorun gəlməsindən nə çıqar! Hər nə sorsa, sükutdan başqa cəvab alamaz. Yazdığı ilaclar da həp faydasız... (Göküs keçirərək). Cəmilin şəfası, bəncə yalnız həkimlər həkimi, bikəslər pənahı olan bir yaradana qalmış... B ə y p o l a d. Əvət, şu doktorlardan hiç bir şey çıqmaz... Zatən onların bütün düşüncəsi, yalnız işlək bir makinə kibi ötəyə-bəriyə qoşmaq, zənginləşmək için xalqın var-yoqunu soymaqdan ibarət... X i d m ə t ç i (daxil olaraq). Əfəndim, doktor gəliyor. B ə y p o l a d. Pəki, söylə gəlsin. -Xidmətçi çıqar.* D o k t o r (daxil olur, çapucaq şapkasını bir tərəfə qoyub görüşdükdən sonra yatağa yaqlaşır. Səltənətə). Bu gün xəstəniz nasıl? S ə l t ə n ə t . Nasıl olduğunu siz daha eyi bilirsiniz; iki-üç gündən bəri gözlərinə hiç uyqu girdiyi yoq idi, lakin şimdi bir saatdan ziyadədir ki, böylə uyuyor. D o k t o r (azacıq xəstənin göksünü dinlər, sonra nəbzini yoqlayaraq). Eyi, eyi... Bu gün pək gözəl!.. (Reçetə yazmaqla məşğul olaraq). Nəbzi də eyi atıyor, uyumaq onunçin pək faydalıdır. O şimdi istirahətə möhtac... saqın, oyandırmıyasınız! -Reçetəyi verir, haman şapkasını alıb çıxar. O çıqdıqdan sonra S ə l t ə n ə t və Bəypoladı dərin bir düşüncə alır.* H u m a y (doktoru sofada qarşılayaraq). Doktor əfəndi! Bu gün xəstəyi nasıl buldunuz? D o k t o r . Şükür Allaha, pək eyi... Artıq, məraq ediləcək bir şey yoq... H u m a y. Aman, rica edərim, əlinizdən gələni əsirgəməyiniz. D o k t o r . Xayır, xayır, əmin olunuz! (Əli şapkasında təmənna edərək çıqar). Humay. Əskik olmayın, əfəndim!.. (deyə çəkilib gedər). B ə y p o l a d (Səltənətə). Xayır, bu sərsəm hərifə inanmaq olmaz, başqasına müraciət etməli... S ə l t ə n ə t (usanmış bir halda). Eh...h, Allah həpsinin bəlasını versin!.. Bu sırada xidmətçi daxil olub Bəypolada bir vizit kağızı verir. B ə y p o l a d (kağıza baqaraq Səltənətə). Advokat Nadir bəy!.. Cəmilin əqrəbasından möhtərəm bir zat... (Xidmətçiyə). Haydı, oğlum, söylə buyursunlar, həm də bu odaya... (Xidmətçi çıqar). S ə l t ə n ə t . Pəki, bu odaya niçin?! B ə y p o l a d. Başqa adam olsaydı, misafir odasına qəbul etmək lazım gəlirdi. Fəqət o, ən əvvəl Cəmili görmək istəyəcək. Daha eyisi şimdidən buraya gəlsin... (Hər ikisi sofaya çıqar. Səltənət tez o biri odaya keçmək istər). B ə y p o l a d (Səltənətə). Həmşirə! Humayı da kəndinlə bərabər alıb gəlirsin... S ə l t ə n ə t . Pəki... (deyib çəkilir). N a d i r bəy (sofaya daxil olaraq Bəypolada). Əssəlamun əleyküm!.. B ə y p o l a d. Vəəleykum-əssəlam, əfəndim!.. Buyurun, buyurun, qardaşım! (Görüşürlər). Na d i r b ə y . Cəmilin xəstəliyi nasıl? B ə y p o l a d. Sizə kim söylədi? Na d i r b ə y . Bən buraya gecə varid oldum... bildiklərimdən biri bana öylə anlatdı. (Cəmilin odasına girərlər). B ə y p o l a d (xəstəyi göstərərək təəssüflə). İştə Cəmil, gördüyün Cəmil deyil... Büsbütün dəyişmiş!.. N a d i r bəy (Cəmil bəyin yatağına yaqlaşaraq heyrətlə). Aman, yarəbbi!.. Cəmil! Bu nə hal?.. (Gözləri yaşarır, dərin bir təəssüflə). Cəmil!.. Cəmil! Cəmil bəy (sayıqlar). Vəfasız mələk!.. Ah, cənnət quşu. N a d i r bəy (yeni bir şey kəşf etmiş kibi başqa bir vəziyyət alır və şaşqın bir halda). Cəmil, Cəmil! Of... Düşmanların belə səni bu halda görməsin!.. (Cəmil bəyin yüzgözünü öpər). Cəmil bəy (gözlərini yarı açaraq sayıqlar bir tevr ilə). Get... get!.. Ah, bəndən nə istiyorsun? -Nadir bəy düşünür.* B ə y p o l a d. Cəmil! Cəmil! Nadir bəy səni görməyə gəlmiş... Cəmil bəy. Ha... Kim?.. Nadir?.. (Diqqətlə baqaraq). Ah, Nadir!.. Rö’yamı görüyorum, Nadir! (Yataqdan qalqmaq istər). N a d i r b ə y (Cəmili qollarının arasına alaraq). Xayır, iki gözüm, xayır... Gördüyün rö’ya deyil... Bənim, bən!.. Səni canından ziyadə sevən Nadir... Talesiz Nadir... C ə m i l bəy (Nadir bəyi qucaqlayaraq). Gediyorum. Nadir, gediyorum. Eyi ki son nəfəsimdə bir daha görüşə bildik. Na d i r b ə y . Çocuq olma, Cəmil!.. Səndə hiç bir şey yoq. İnşallah, bu gün-yarın eyiləşirsin... C ə m i l bəy (acı təbəssümlə). Eyiləşmək ha? Bənim təbibim əcəl, istirahətgahım da məzarıstandır. Na d i r b ə y . Mə’yus olma, Cəmil, Allah böyükdür. C ə m i l bəy (qəhriz xəndə ilə). Bənim dərdimdəndəmi böyükdür? N a d i r bəy (Cəmili yatağına yatıraraq). Quzum, azacıq uzan da, rahatlan, yoqsa kəndini üzərsin... C ə m i l bəy (uzanır, fəqət bu sırada pəncərədən dışarı baqaraq birdən-birə). Ah, mələklərdən ölənmi var, nədir? Yenə göy yüzündə matəm əlaməti görünüyor!.. B ə y p o l a d və N a d i r bəy heyrətlə bir-birinə baqarlar, Cəmil də yüzünü divar tərəfinə çevirib yatar. N a d i r bəy (Bəypolada). Əfəndim, doktorlar nə diyor? B ə y p o l a d. Qorqulu bir xəstəlik olmadığını söylüyorlar, fəqət bana qalırsa xəstəliyin nə olduğunu eyi fərq edəmiyorlar. N a d i r bəy (qafasını oynataraq). Əvət, bilməzlər, həm də biləməzlər... çünki onların darülfünunlarda öyrəndikləri xəstəliklər başqa, bu isə daha başqa bir şeydir... -Bu sırada S ə l t ə n ə t ilə H u m a y daxil olur.* Bə y p o l a d (Nadir bəyə). İştə həmşirəm Səltənət! Bu da həmşirəzadəm Humay... N a d i r bəy hər ikisilə əl-ələ verib görüşür və Humayın ruhunu oqumaq için gözlərinə diqqət edər. S ə l t ə n ə t (Nadir bəyə). Xoş gəldiniz, səfa gətirdiniz, əfəndim! (Sandaliyəyə oturur). N a d i r b ə y . Doğrusu, sizləri ziyarət etdiyim için kəndimi pək bəxtiyar sanırım. S ə l t ə n ə t . Əskik olmayın, əfəndim, (Təəssürlə). Ah, lakin Cəmil bəyin xəstəliyi... Na d i r b ə y . Hiç məraq etməyin, inşallah keçər, gedər. S ə l t ə n ə t . İnşallah, bəyim, inşallah! Nadir bəy (Humaya). Niçin böylə ayaqda duruyorsunuz? H u m a y. Rahatsız etmək istəmiyorum. Na d i r b ə y . Burada rahatsız olacaq kimsə yoq... Humay (yaralı bir ahu baqış ilə Cəmilə doğru baqdıqdan sonra mütəəssir bir halda Nadir bəyə). Müsaidənizlə, əfəndim... B ə y p o l a d (Humaya). Otursan a!.. Pəki gedib də yalnız başına nə yapacaqsın? N a d i r bəy (Humaya nazikanə). Rica edərim. Nasıl arzu buyurulsa... H u m a y. Təşəkkür edərim. S ə l t ə n ə t . Haydı, yavrum, sən get, şimdi biz də gəliyoruz... Humay məhzun və düşüncəli bir halda çıqar. Na d i r b ə y . Doğrusu, Cəmilin bu halda bulunması bütün ailənizi mütəəssir etmiş desəm, xəta etməmiş olurum. B ə y p o l a d. Onda şübhəmi var, əfəndim? S ə l t ə n ə t . Ah, hələ Humay! Hələ Humay!.. Zavallı qızcığaz xəstənin xəstəsi olmuş... Nə yediyi bəllidir, nə içdiyi... Bir çocuq belə yüzünə baqacaq olsa, biçarənin çəkdiyi əzabları, keçirdiyi sıqıntıları anlamaqda əsla güclük çəkməz. Hətta Cəmili bu halda görməmək için, xəstə yatalı bəri odasına girməyə belə cəsarət edəmiyor. Na d i r b ə y Bu, təbii bir haldır. Insanlar arasında ülfət ziyadələşdikcə, şübhəsiz, könüldəki təəssürat və məhəbbət də o nisbətdə artmağa başlar. C ə m i l bəy (sayıqlar). Of... Gəl!.. Gəl.. (Gülüşəbənzər bir tərzdə, arası kəsilməksizin). Ha-ha-ha-ha-ha-ha... Hər üçü Cəmilə doğru baqıb düşünürlər. S ə l t ə n ə t (qalqaraq Nadir bəyə). Bəlkə Cəmili rahatsız ediyoruz, əfəndim, daha eyisi, o biri odaya keçəlim. Na d i r b ə y . Nasıl istərsəniz... B ə y p o l a d. Əvət, gedəlim, bir qədəh qəhvə içəlim, həm də bu xüsusda bir az ətraflıca qonuşalım. Na d i r b ə y . Daha eyi... (Səltənət ilk öncə sofadan keçib gedər, Bəypolad ilə Nadir də onu izlər. Nadir bəy sofada Bəypoladın qolundan tutaraq). Müsaidənizlə, əfəndim, sizə xüsusi bir-iki söz soracayım? B ə y p o l a d. Söylə, bəyim!.. Na d i r b ə y . Humay birisinə nişanlımı? B ə y p o l a d. Əvvəlləri öylə bir şey var kibi idi, fəqət şimdi, xayır... N a d i r bəy (düşünür). B ə y p o l a d. Lakin bu sual nədən icab ediyor? Na d i r b ə y . Bilirmisiniz? Bən Cəmilin xəstəliyi haqqında başqa şeylər hiss ediyorum. B ə y p o l a d. Nasıl? Na d i r b ə y . Ehtimal ki, diqqət etdiniz, bən Cəmili gördüyüm zaman pək müztərib idim... B ə y p o l a d. Əvət. Na d i r b ə y . Lakin o, sayıqlarkən: “Vəfasız mələk! Ah, cənnət quşu!” – derdeməz halını dəyişdi. B ə y p o l a d. Əvət, pək doğru... Na d i r b ə y . İştə, bən Cəmilin xəstə olmaqdan ziyadə, eşq divanəsi olduğuna hökm ediyorum. Bəypolad (heyrətlə). Fəqət şimdiyə qadar biz onun ağzından öylə bir şey duymadıq... Na d i r b ə y . Əfəndim! Dərin bir eşq, həqiqi bir məhəbbət daima dilsizdir... B ə y p o l a d. Bilməm!.. Lakin o kimi sevə bilir? Na d i r b ə y . Zənn edərsəm, Humayı... B ə y p o l a d. Nasıl?... Humayımı? Na d i r b ə y ... Əvət... hətta deyə bilirim ki, Humay da onu seviyor, fəqət ortada incə bir mani var; İştə onu kəşf edəmiyorum. Bəypolad (kəskin bir tevrlə). Əmin olunuz ki, Cəmilin sağalması için, nə mani rast gəlsə kökündən qaldırmağa hazırım, kaş ki, dediyiniz kibi olsa? Na d i r b ə y . Zənn edərsəm yanılmıyorum, çünki bir ay əvvəl Cəmildən aldığım bir məktubda “Humay cənnət quşudur” – deyə yazıyordu. Şimdi öylə sayıqlaması da apaçıq işin həqiqətini anlatdı. B ə y p o l a d. Bilməm... Bəlkə də öylədir... Na d i r b ə y . Humay isə, şimdi buraya gəldiyi zaman doğru Cəmilə baqmaq istəmiyordu, lakin ruhunda pək dərin bir iztirab var idi. Onun xəstəliyinə, fəlakətinə kəndisi səbəb olmuş kibi, böyük bir vicdan əzabı keçiriyordu... B ə y p o l a d. Əvət... Əvət!.. Na d i r b ə y . Sonra yaralı bir ahu nasıl baqarsa, İştə o da, Cəmil bəyə öylə baqdı. Nihayət, burada dayanamıyacağını düşünərək dərhal getmək istədi. -Bu sırada səhnənin işığı yavaş-yavaş azalır.* Cəmil bəy (sayıqlayaraq). Humay! Humay!.. ah... nerəyə gediyorsun? Hər ikisi heyrətlə dinlər. Na d i r b ə y . İştə! Eşidiyormusunuz? B ə y p o l a d. Eşidiyorum, əvət, eşidiyorum. Na d i r b ə y . Bəncə bu məsələnin həllinə tez baqmalı, yoqsa... B ə y p o l a d. Gedəlim, əfəndim, şimdi Cəmilə südünü içirmək için Humayı Səltənətlə bərabər göndəririz, həmşirəm hər ikisinə diqqət edib işi anlar. Na d i r b ə y . Siz bilirsiniz, əfəndim, lakin Humay ilə Cəmilin yalnız bulunması bəncə daha eyi... çünki, eşq, öksüz bir çocuq kibi daima yalnızlıqdan xoşlanır. B ə y p o l a d. Zərər yoq... Səltənət sofada bəklər. Gedərlər. C ə m i l bəy (yataqdan qalqar. Pəncərədən üfüqləri seyrə dalaraq təlaş ilə). Gəliyor... İştə gəliyor. Bana doğru gəliyor... (Təbdili-tevrilə). Ah, Humay! Gözəl mələk... Yanaqlarını gətir öpəyim də, şəfa alayım... Dodaqlarını ver əməyim də, həyat bulayım. Lütf et də, sevda pərisi kibi qucağıma gəl... Qəhr et də, ölüm mələyi kibi yatağıma gəl!.. (Usanmış bir halda). Off! Bəxtiyarlıq içində talesizlik, nə böyük fəlakət!.. Həm mərhəmət, həm istiğna! Nə gülünc həqarət... (Acı-acı gülərək əli alnında pəncərəyə dayanır. Bu sırada Səltənətlə Humay əlində bir qədəh süt olduğu halda sofada görünürlər). S ə l t ə n ə t . Haydı, yavrum!.. Nə olur? Yazıqdır, südünü içirirsin, yarım saat qadar də kəndisilə qonuşursun, bəlkə könlü açılır. H u m a y (mütərəddid). Pəki bir aydır odasına ayaq basdığım yoq... Şimdi nasıl gözünə görünə bilirim!? S ə l t ə n ə t . Zərər yoq, quzum, hiç zərər yoq... Əmin ol ki, səni gördüyü kibi sevinir. Haydı, elmasım, düşünmə!.. İştə bən gediyorum. (Gedir). -Humay bir-iki adım ilərlər. Mütərəddid bir cəsarətlə yarı açılmış qapıdan üsulluca içəri girər. Səltənət təkrar sofaya dönər, sonra N a d i r b ə y l ə Bəypolad da gəlir. Cəmili dinləyərək heyrətlə baqışırlar.* Cəmil bəy (yenə sinirli və çılğın bir səslə dəvam edər). Ah, aman!.. Aman, yarəbbi, uçuyor... Bana küsmüş də qaçıyor. (Böyük bir təlaşla). Humay! Humay!.. Uçma da, səbr et, bərabər uçalım. Bıraq ruh bədəndən ayrılsın da qol-qola uçalım, əl-ələ uçalım, dodaq-dodağa uçalım, şu fəlakət zindanından xilas olub da qaçalım... Ucubucağı yoq fəzalara qadar uçalım... (Humay həzin bir ah çəkərək Cəmilə doğru iki üç adım daha ilərlər. Cəmil bəy mə’yusanə bir fəryad ilə). Xayır, xayır, getdi! Uçdu, getdi!.. Ah, insafsız!.. Mərhəmətsiz! (Usanmış bir halda yüzü divara olaraq yatağa düşər. Humayın gözləri yaşarır, bir az daha ona yaqlaşaraq mütəəssiranə baqıb durur). C ə m i l bəy (bitab). Off! B ə y p o l a d (Nadir bəyə). Ah, Nadir! Sən nə ruhaşina həkim imişsin!? S ə l t ə n ə t . Öylə, ya!.. Bir baqışda dərdini bildi. Na d i r b ə y . Fəqət dərdi bilməklə iş bitməz. Dərmanını da bulmaq lazım... B ə y p o l a d. Artıq hiç məraq etməməli, həpsi düzəlir. H u m a y (titrək səslə). Cəmil! Cəmil! C ə m i l bəy. Ah, getdi! H u m a y (yaralı və mərhəmətli). Off, aman, yarəbbi! (Cəmil bəyə). C ə m i l! Qalq, südünü iç! C ə m i l bəy. Ha? H u m a y. Cəmil! C ə m i l bəy. Ha!.. (Deyə təkrar çevrilir, Humayı görür-görməz). Sənmi!? Humay, sənmisin?!. (Böhranlı). Ah, yıqdığın heykəli dikməyəmi gəldin? Yoqsa Isa kibi ölü diriltməkmi istiyorsun?! Haha-ha-ha-ha. Hiç ölü dirilirmi, ya?.. (Humayın əlindəki qədəh düşüb qırılır, daha da şaşqınlaşır. Cəmil bəy təkrar qəhqəhə ilə gülərək). Humay! Hiç ölü dirilirmi, ya?! H u m a y (bir söz söyləmək istər kibi). Cəmil! Niçin... C ə m i l bəy (bir Humaya, bir də qırılmış qədəhə baqaraq zəhrxəndə ilə). Zavallı qədəh! İştə bənim qəlbim kibi parça-parça oldu! (Humay getmək istər, Cəmil təlaş ilə). Humay! Nerəyə? Nerəyə gediyorsun? Ah, bəndən yenəmi nifrət ediyorsun? H u m a y. Xayır, Cəmil, xayır... Süt için gediyorum. C ə m i l bəy. Aman, getmə!.. Lazım deyil... Yalnız ver əllərini əməyim, iştə kafi!.. (Yataqdan düşəcək olur). H u m a y (onu tutaraq). Cəmil! Niçin kəndini üzüyorsun?.. C ə m i l bəy (Humaya sarılır, əlini-qolunu öpərək, titrək və mə’sumanə bir ahənglə). Söylə, Humay, söylə! Şimdi bəni seviyorsun, deyilmi? H u m a y. Əvət, Cəmil, seviyorum. S ə l t ə n ə t (sofada). Böyüksün, Ilahi! -Bəypolad və Nadir bəy məmnunanə baqışırlar.* C ə m i l bəy (böhranlı). Xayır, xayır, sən bəşər deyilsin, Humay!.. Ah! Sən əcəlin pənceyi-qəhrində mələyən, fəlakət zəncirində inləyən bir əsiri qurtarmaq için Allah tərəfindən göndərilmiş şəfqətli, mərhəmətli bir mələksin!.. (Hər ikisi məhzun və məmnun bir halda baqışırlar). B ə y p o l a d (sofadakılara mə’nalı bir ahənglə). Haydı, gedəlim... Məhəbbət Humay ilə Cəmili birləşdirdi. Gedirlər. Pərdə * * * Dördüncü pərdə -Səhnə birinci pərdədə olduğu kibi Turxan bəyin evini göstərir. Salonun bağçaya nazir pəncərələrindən bir-ikisi açıq bulunaraq şairanə bir mənzərə ərz edər. Eylül... Gündüz... Pərdəaçıldıqda Humay Cəmil bəylə bərabər salona daxil olur.* C ə m i l bəy. Baq, bir ay əvvəl nerdə idik, şimdi nerdə bulunuyoruz! Barjomda keçirdiyimiz o şətarətli, o dilbər həyatı hiç bir zaman unutmayacağım. Hələ oranın o çəmənli-çiçəkli mənzərələri nə qadar gözəl!.. H u m a y (gülümsəyərək pəncərədən bağçayı göstərir). Allah eşqinə, bağçamızdakı güllərin, çiçəklərin hanki birisinə orada rast gələ biliriz? C ə m i l bəy. Rica edərim, onu hiç söyləmə! Orada bənim əlimə öylə bir həmişəbahar gülü keçdi ki, inan, hələ mislini görmədim. H u m a y. Nə? Həmişəbaharmı? C ə m i l bəy. Əvət... H u m a y. Pəki, niçin onu bana göstərmədin? C ə m i l bəy (gülümsəyərək). İştə, ayinəyə baqsan, şimdi də görə bilirsin... H u m a y (gözlərini süzərək). Yenə şairliyin tutdumu? Haydı, gəl, bağçaya enəlim də, bir az gəzinəlim. C ə m i l bəy. Haydı, enəlim... (Qol-qola verib sol qapıdan çıqarlar. -T u r x a n b ə y eyni qapıdan içəri girər. Qızğın və düşüncəli bir halda beş-on adım gəzinir. Şimdi artıq saqalı tıraş edilməmişdir).* N a z l ı (sağ qapıdan daxil olur, onun halına diqqət edincə, təlaşla). Aman, əfəndim, bu gün sizdə başqa hallar görüyorum. Allah etməsin! Yenə bir şeymi olmuş? T u r x a n bəy (hiddətli). Daha nə olacaq! Cəmili məktəbə verdiyim gün, kaş ki, boynum qırılaydı... Bədbaxt! Gül kibi milyonçu qızı burda qoydu da, gör, getdi nə buldu?! Arsızlığı, divanəliyi para ilə satın almaq, İştə buna derlər. Hələ Humay!.. Hələ Humay! Aman, yarəbbi!.. Nədir o açıq-saçıq hallar?!. N a z l ı . Yaradana qurban olayım... Kiminə saleh evlad verir, sevindirir, kiminə də Cəmil kibi ağıllı bir dəli kəramət edər. Nə etməli? Bunlar həpsi Allah işidir, bəyim!.. T u r x a n bəy (acı-acı gülərək). Əvət, Allah işidir! (Ciddi). Bən qomşuya gediyorum, soracaq olurlarsa, dersin ki, bu saət gəlir... (Sol qapıdan çıqar). N a z l ı . Baş üstünə, əfəndim... Maral (gələrək). Dəf’ oldumu? N a z l ı . Əvət, getdi... M a r a l (Turxan bəyin çıqdığı qapıya yaqlaşaraq). Get-get, Allahın iki ayaqlı bəlası!.. Get ki, gözlərim o bürüşmüş, murdar yüzünü görməsin!.. Qulaqlarım o gönül bulandırıcı səsini eşitməsin (Qapıyı qapar). Ilahi!.. Bən nə günah işlədim ki, böylə işgəncələr içində məhv olub gedəyim!.. (Pəncərədən bağçaya baqaraq sinirli və mütəəssir). Ah, bəxtiyar Humay! N a z l ı . Yaradana qurban olayım!.. Kimini ağladır, kimini güldürür. Bayram (dışarıdan bağırır). Nazlı bacı! Ay Nazlı bacı!.. N a z l ı (Marala). Səbirli ol, qızım, əlimizdən nə gəlir?! (Sağ qapıdan çıqar.) Maral (məndilini çıqarıb göz yaşını silmək istərkən bir rəsim düşər, dərhal yerdən alıb həsrətlə baqar, halı dəyişərək). Ah, Arslan! Sevgili Arslan! (Öpərək). Bir daha səni görsəydim, ölməzdim. Əvət, hiç olmasa sənin qollarının arasında ölsəydim, yenə məs’ud olurdum. B a y r a m (daxil olaraq, məhrəmanə). Xanım, Arslan bəy gəlmiş... Ma r a l . Pəki, nə diyor. B a y r a m. Diyor ki, artıq hər şey hazır... Marala söylə ki, vaqtı qeyb etməsin, şimdi fayton gələcək... Ma r a l . Ah, pək gözəl... Fəqət saqın, kimsə duymasın! (Bayramın əlinə dörd-beş altın sıqışdıraraq). Al, İştə bunları da evinizə göndərirsin. B a y r a m. Təşəkkür edərim. Ma r a l . Bən şimdi kəndi odama gedirim, fayton gəldiyi kibi xəbər verərsin. B a y r a m. Baş üstünə, xanım... Maral (sağ qapıdan çıqaraq). Ah, şu bayquş yuvasından bir qurtula bilsəydim... -Humay ilə Cəmil əllərində birər çiçək dəməti olaraq sol qapıdan girərlər. Bu sırada eşik qapı çalınır.* C ə m i l bəy. Bayram, gör qapıyı çalan kimdir? Nadir bəy olsa gəlib söylərsin. B a y r a m (dışarı fırlayaraq). Pəki, əfəndim! H u m a y (Cəmil bəyə). Haydı, gedəlim, bu günkü qəzetəyə bir göz gəzdirəlim, baqalım nə var, nə yoq... C ə m i l bəy. Nə olacaq! Hər günkü saçma, hər günkü fəlakət!.. İştə hər tərəfdə haq naminə bir haqsızlıqdır gediyor... (Sağ qapıdan çıqarlar. -Bu sırada T u r x a n b ə y , N a d i r b ə y , Bayram sol qapıdan daxil olurlar).* T u r x a n bəy (Bayrama). Cəmil nerdə? B a y r a m. Odasındadır, əfəndim. T u r x a n b ə y. Yalnızmı? B a y r a m. Xayır, Humay xanım da yanında. T u r x a n b ə y. Ona şübhəmi var!.. Hiç o, Humaydan ayrılırmı? (Qızğın və sinirli). Canım, bu qız bir bəla olub da başımıza keçdi; artıq onun əlindən çarsuya, bazara çıqamıyoruz. Nerəyə getsən, xalqın ağzında “Cəmil-Humay” sözündən başqa bir laqırtı yoq. Eşik qapı təkrar çalınır, Bayram çıqar. Na d i r b ə y . Fəqət avam camaatın hər sözünə qulaq verilirmi, ya? T u r x a n bəy (hiddətli). Pək ə’la, avam camaata qulaq vermədik, lakin bu qızın yüzü-gözü açıq gəzməsinə nə dersin? Na d i r b ə y . Zatən o, ta çocuqluqdan bəri açıq və sərbəst olaraq böyümüşdür. T u r x a n b ə y. Pəki, bu hərəkət şəriətə müvafiqmi ya? Na d i r b ə y . Əlbəttə, ona şübhəmi var?.. T u r x a n bəy (acı qəhqəhə ilə). Yanılıyorsun, əzizim, yanılıyorsun... Na d i r b ə y . Bilməm!.. Fəqət bəncə: şəriət insanların nicat və səadəti için yapılmış bir qanundur. Xalqı təhlikəli uçurumlara yuvarlayan bir qanun isə pək çürük və mə’nasız bir əfsanə deməkdir. Bir də nə islam şüarı, nə türklük səciyyəsi qadınlara “örtün!” deyə, əsla məcbur etməz və bu hal yalnız e’tiyaddan doğma bir məhkumiyyətdir ki, o da er-gec zail olar. T u r x a n b ə y. Pək gözəl, bu şəhirdə Humaydan başqa qız-gəlin yoqmu ya? N a d i r b ə y (mütəbəssim). Dedim ya... bir az sonra həpsini Humaya arqadaş bulursunuz... T u r x a n b ə y. Nə demək istiyorsun, Nadir?! Sən dəmi şaşırdın? Na d i r b ə y . Doğrusu, dağ keçisi kibi vəhşi böyümüş bir qadına deyəcək yoq... Lakin sağlam bir tərbiyəyə, sarsılmaz bir əxlaqa malik olan xanımların açıq gəzməsində hiç bir məhzur görəmiyorum. Bununla bərabər əcnəbilərdə olan mə’nasız sərbəstliyə də əsla tərəfdar deyilim. Hələ onun-bunun qoltuğunda rəqs edən, hər rast gəldiyi adamla qol-qola gəzən bir xanım, bəncə qadınlıq namına böyük bir ləkədir. T u r x a n b ə y. Aldanıyorsun, Nadir, aldanıyorsun! Ah, qadınlara hürriyyət ha!? (Acı qəhqəhədən sonra, ciddi və həyəcanlı). Nadir! Nadir! Quyruqlu yıldızlar uğradığı yerləri nasıl zəhərlərsə, nasıl yaqıb-yıqarsa, əmin ol ki, sərbəst qadınlar da eyni rolu oynayacaq, eyni fəsadı törədəcəkdir. Na d i r b ə y . Fəqət eyicə düşünülürsə, tərbiyəli qadınların törətdikləri fəsad, yaratdıqları fəzilətə nisbətlə hiç dərəcəsindədir. T u r x a n bəy (istehzalı qəhqəhələrlə). Öyləmi?.. Öyləmi?! Na d i r b ə y . Öylə ya... Tariximizin ən şanlı qəhrəmanlarını, ən böyük dahilərini vücuda gətirən, əcəba qadınlar deyil də kimlərdir!? T u r x a n b ə y. Əfsus ki, dünyanın ən böyük qəhrəmanları yenə onların lətif vəyumşaq əllərilə məhv olub getmişlər... Na d i r b ə y . Lakin bir qaç istisna, hiç bir əhəmiyyəti haiz olamaz... T u r x a n b ə y . Bən onu-bunu bilməm. Ancaq şimdiyə qadar nerdə bir fəlakət, nerdə bir cinayət eşitdimsə, orda mütləq bir qadın parmağı olduğunu gördüm. Nadir bəy (qəhqəhə ilə). Doğrusu, fəna mühakimə deyil! Nədənsə qadınlardakı mə’sumanə və mələkanə xislətlər, onların bəşəriyyətə verdiyi ülviyyət və səadətlər, bir dürlü nəzərinizi cəlb edəmiyor da, daima əksini görüyorsunuz, öylə görmək istiyorsunuz... Q a z ı (başında qocaman bir sarıq, burnunun ucunda pək əski və böyücük bir gözlük olduğu halda, Bayramla bərabər daxil olaraq). Əssəlamu əleyküm... (Turxan bəylə Nadir bəy yerindən qalqaraq “əleyküm-əssəlam” – deyə salamlaşırlar). T u r x a n b ə y. Buyurun, qazı əfəndi, buyurun, baqalım... (Bayrama). Çapuq bir nargilə hazırla! Bayram tez çıqar. Qa z ı . Xayır, zəhmət etməyiniz! (Ara-sıra düşmək üzrə olan gözlüyünü əli ilə tutaraq düşməsinə mane olur). T u r x a n b ə y. Pəki, biz bu gəlib-getməkdən nə anladıq? Qa z ı . Fəqət şər’i bir məsələ için gəldim. Yoqsa oturacaq deyilim. T u r x a n b ə y. Nasıl məsələ? Xeyir ola!? Qazı (acı-acı gülərək, heyrətlə). Doğrusu, bu arifanə təcahülünüz pək mə’nidardır! T u r x a n b ə y. Əfv edərsiniz, sözünüzdən hiç bir mə’na çıqaramıyorum. Qa z ı . Sübhanallah!.. Şəhirdə bütün ünas-zükur, müslim, qeyrimüslim hər kəsin bildiyi bir işi, siz niçin bilmiyəsiniz?! T u r x a n b ə y. Nasıl, əfəndim? Nə imiş, əcəba? Q a z ı (qafasını oynataraq). Təəssüf olunur!.. Təəssüf olunur. Turxan bəy əfəndi!.. Atadan-babadan sizin namuslu, heysiyyətli bir xanədən olduğunuzu bütün vilayət bilir, lakin... lakin çoq təəssüf olunur ki, böylə şərəfli bir xanədanı siz ləkələmək istiyorsunuz! Turxan bəy (sinirli). Rica edərim, hər nə söyləmək istiyorsun, qısa və açıq söylə! Qazı (birdən-birə bağıraraq). Nə söyləyim ki, xalqın arasına yeni bid’ət qoyursunuz... Gəlinin islam qızı olduğu halda bir xıristiyandan seçilmiyor (Qayət sinirli). Ah... Ah!.. Müsəlmanlıq böylə gedərsə, çoq sürməz ki, ev-eşiyimiz Lut şəhri kibi yerin dibinə keçər! N a d i r b ə y . Əfv edərsiniz, qazı əfəndi!.. Əvvəla, bu, vicdani bir məsələdir. Saniyən, bunu siz bid’ət bildiyiniz halda ən böyük üləma tamamilə şəriətə müvafiq görüyor. Q a z ı . Kim? Üləmamı?.. (Zəhrxəndə ilə). Bir taqım şəriət xainləri üləma sırasınamı keçdi?.. Yoqsa sizin kibi sərsəmlərə alət olmuşlar da, onunçünmü?! N a d i r b ə y . Zənn edərsəm həddini çoq təcavüz ediyorsun, bu dərəcə tərbiyəsizliyin lüzumu yoq... Q a z ı (hiddətlə yerindən qalqaraq). Banamı? Ah, artıq banamı tərbiyəsiz diyorsun? N a d i r bəy (kəskin). Əvət, söylədiklərinə diqqət etsən, nə dərəcədə ağzı bozuq bir səfil olduğunu anlarsın!.. T u r x a n b ə y. Nadir! Rica edərim, artıq yetişir... Q a z ı (çılğın bir halda bağıraraq). Bir alimə bu dərəcə bihörmətlik ha?.. Nadir bəy (qəhqəhə ilə gülərək). Alimləri təhqir ediyorsun... Qa z ı . Ah, sapqınlar!.. Azğınlar!.. Şəriət xaini məl’unlar! (Qapıyı şiddətlə qapayıb çıqar). T u r x a n b ə y . Xayır, xayır, onda hiç bir qəbahət yoq... Bütün bu rəzalətləri törədən bənim o heysiyyətsiz, şərəfsiz oğlumdur (Hiddətli və sinirli bir halda bağıraraq). Ah, Cəmil, Cəmil! Allah sana xoş gün göstərməsin... C ə m i l bəy (şaşırmış bir halda daxil olaraq). Yenə nə var? Nə olmuş?.. T u r x a n b ə y. Daha nə olacaq!.. Daha nə olsun ki, dost-düşman içində bizi yerlərə soqdun! C ə m i l bəy. Bənmi! T u r x a n bəy (nifrətlə). Allahını sevərsən, söylətmə bəni!.. C ə m i l bəy. Əgər bənim bu şəhirdə oturmam sizi sıqıyorsa, dəf’ olub getməyə hazırım. Na d i r b ə y . Bu sözlərin nə lüzumu var, canım! T u r x a n bəy (Cəmilə). Uzun laf istəməm, bir həftəyə qadar ya o qız bu şəhirdən çıqmalıdır, ya bən... C ə m i l bəy (darğın). Xayır, bir həftə pək uzaq... Bu saət!.. Əvət, bu saət qulluğundan mürəxxəs ola biliriz. T u r x a n b ə y. Buyurun!.. Buyurun! Uğurlar olsun! Cəmil çıqmaq istər. N a d i r b ə y (yaqalayaraq). Nə yapıyorsun, Cəmil! Divanəmisin? C ə m i l bəy. Yetişir, Nadir, artıq yetişir... N a d i r bəy (israr ilə). Allah eşqinə, çocuqluğu bıraq! C ə m i l bəy. Əmin olunuz ki, bütün dünya bəni bu fikrimdən vaz keçirəməz. T u r x a n bəy (acı-acı gülərək, Cəmilə). Gerçəkdən gediyorsun ha!? C ə m i l bəy (küskün və sinirli). Əvət, gediyorum, babacığım! Sağlıqda qalınız!.. (Sağ qapıdan çıqar). N a d i r bəy (Turxan bəyə). Canım, sözü bir az mülayim söyləsəniz, olmazmı ya?.. T u r x a n bəy (qızğın). Nadir! Nadir! Artıq bən Cəmil adında evlad tanımıyorum, zərər yoq, dəf’ olub getsin!.. Baba sözündən çıqmaq nə olduğunu iştə sonra anlar!.. B a y r a m (sol qapıdan tez içəri girib Turxan bəyə). Əfəndim, şəhir hakimi polis göndərmiş, sizi əcələ istiyor. T u r x a n b ə y. Pəki, baqalım bu nə diyor? (Baqıb dışarı çıqar. Bayram da arqasınca gedər. Nadir bəy sinirli və düşüncəli bir halda odada bir aşağı, bir yuqarı gəzinib durur. Bu sırada sağ qapı nazikanə vurulur). N a d i r b ə y . Kim o? H u m a y (bənzi uçmuş bir halda daxil olaraq). Nadir! Cəmil sizi görmək istiyor, bən də Turxan bəyi vida etməyə gəldim... N a d i r b ə y (şaşqın). Allah, Allah... Nə münasibətsiz hallar! (Qayət qızğın və sinirli). Xocalarımız şöylə! Ixtiyarlarımız böylə!.. Gənclərimiz öylə!.. Insan düşündükcə qafası dönüyor... Hər tərəfə baqsan ya ifratdır, ya təfrit. Kimsə kimsəyi anlamıyor!.. Kimsə kimsəyi dinləmiyor!.. Nə vəhşilər kibi vəhşiyiz, nə mədənilər kibi mədəni!.. Humay (məhzunanə). Əvət, pək doğru, əfəndim!.. Lakin nə yapmalı!? (Sağ qapıdan çıqarlar). M a r a l incə, nimşəffaf bir şal örtünmüş olduğu halda N a z l ı ilə bərabər daxil olur. Böyük bir iztirab içində bir şey arar kibi baqınıb durur. N a z l ı (təlaş ilə). Yenə gözümə pək pərişan görünüyorsun? Nə var? Nə olmuş! Bət-bənizin niçin öylə uçmuş? Ma r a l . Bayram nerdə? N a z l ı . Nə yapacaqsın? M a r a l (müztərib). Ah! N a z l ı . Maral! Səndə bir xəbər var, fəqət bəndən gizliyorsun... Hər dərdinə şərik olduğumu bildiyin halda, niçin yürəyini bana açmıyorsun? Ma r a l . Of, hər dəqiqə yaqıcı xülyalar, vərəmli xəyallar beynimə hücum edib duruyor, nə söyləyəcəyimi kəndim də bilmiyorum. N a z l ı . Söylə, yavrum, söylə!.. Sənin yolunda əlimdən gələni əsirgəməm. Söylə, hiç çəkinmə!.. M a r a l (Nazlının qollarına sarılaraq, məhzunanə). Gediyorum, Nazlı bacı, getmək istiyorum. N a z l ı (heyrətlə). Nerəyə? M a r a l (məhcub). Ah... Arslan bəyə söz verdim, könül verdim... N a z l ı (şaşqın). Nasıl?! Qoşulub qaçmaqmı? M a r a l (titrək səslə). Əvət. N a z l ı (mülayimətlə). Maral! Maral!.. Həyat beş günlükdür, fəqət namu...s! Namus əbədidir! Maral (mütəəssir). Of, aman, yarəbbi! N a z l ı (kəskin). Maral! Yavrum! Allahın əmri... Peyğəmbərin şəriəti... ayaqlar altına alınmaz, qızım! Anlayormusun? Hələ bunu cəllad sifətli Turxan bəy duyarsa, inan ki, səni əsla sağ bıraqmaz! M a r a l (sinirli). Ah, şimdiyə qadar öylə bir nəzakətdə bulunsaydı, daha məmnun olurdum! N a z l ı . Uf, yavrum! Ma r a l . Söylə, Allah için söylə! Əcəba xain bir cəllad əlində qəhr olmaq, şəriətə itaətmi deməkdir? N a z l ı . Qızım, bir düşün!.. Kimsəsiz anan, o zavallı qadın ayaqda duracaq halı yoq ikən, şimdi böylə dəhşətli bir xəbər duyarsa, gör nə olur?! Ma r a l . Artıq təhəmmülüm qalmadı. Yetər! Ah, daha söyləmə! (Bu sırada “Nazlı! Ay Nazlı” deyə Cəmil bəyin səsi eşidilir). N a z l ı . Şimdicik gəliyorum, elmasım, məraq etmə! Allah kərimdir (Sağ qapıdan çıqar). Ma r a l . Allah kərimdir! (Mə’yus bir halda düşünür). Bayram (sol qapıdan içəri girər). Xanım, Arslan bəy gəldi, sizi bəkliyor. Ma r a l . Söylə ki, kefim yoq, bu gün gedəməm. B a y r a m (düşünür). Ma r a l . Haydı, get!.. Get, söylə! Həm də içəri gəlmək istəsə, saqın, bıraqma! B a y r a m. Hiç bu mümkünmü ya!.. Şimdicə getmək için söz vermədinmi? M a r a l (hiddətli). Sana nə söylərlərsə, ona baq! B a y r a m. Pəki... (Çıqar). Maral (şaşqın və sərsəm bir halda). Ah, aman yarəbbi! Hər iki tərəfim təhlikəli uçurum... Burada qalsam Turxan bəyin murdar nəfəsi, qoşulub qaçsam namus, iffət məsələsi bəni bitirəcək, bəni məhv edəcəkdir. A r s l a n b ə y sol qapıdan əcələ içəri girər, Maral ürkərək bir tərəfə çəkilir. A r s l a n b ə y . Maral! Ma r a l . Ah, Arslan! (Bir az daha çəkilir). A r s l a n b ə y . Maral! Bu nə kefsizlikdir? M a r a l . Hiç, Arslan! Hiç.. A r s l a n b ə y (Maralın əllərini yaqalayaraq). Öylə isə niçin duruyorsun? Haydı, gedəlim. M a r a l . Xayır, xayır, Arslan, daha gedəmiyəcəyim. Artıq bundan sonra... A r s l a n b ə y . Aman, nə demək istiyorsun?! M a r a l . Əvət, artıq bundan sonra bəni unut!.. Bu çarəsiz bədbaxtı unut! A r s l a n b ə y . Maral, Maral!.. Ah, nələr eşidiyorum!? Maral (müztərib). Aman, yarəbbi! A r s l a n b ə y . Maral!? Bu halda Turxan bəy gəlir, onları böylə görüncə şaşırıb durur. M a r a l . Ah, Arslan!.. Arslan!.. Turxan bəy (dərhal revolverini çıqarır. Maralın sözünü kəsərək acı qəhqəhə ilə). Ya!.. Səndəki vəfa bu imiş ha!? M a r a l (məzlumanə). Aman, bəyim! T u r x a n b ə y . Uzun söz lazım deyil... Al, İştə bu sənin... (Revolver patlar, Maral – “Ah” deyə düşü verir. Sonra Arslan bəyi nişanlayaraq). Bu da... (Revolver açılmaz). A r s l a n b ə y (hücum edərək). Ah, namərd! Alçaq! O, mələk kibi mə’sumdur (Haman xəncər ilə Turxan bəyi göksündən yaralar və dışarı fırlar). T u r x a n b ə y. Xain!.. Vicdansız!.. (Deyə Arslanı izlər) Maral (həzin və yaralı bir səslə). Uf... (Sofada bir-iki qurşun daha patlar). Humay (təlaş ilə daxil olaraq). Eyvah, bu nə fəlakət!.. (Maralı qucaqlayaraq). Maral!.. Maral!.. Maral (məhzun və acı təbəssümlə). Ah, Humay! Sənmisin?.. Humay. Sevgili Maral, hanki cəllad sana qıydı? Ma r a l . Hiç sorma!.. -Nadirlə Cəmil gəlir, mənzəreyi-faciəyi görüncə “ah” – deyə dona qalırlar. Eyni zamanda Turxan bəy də göksünü sağ əli ilə tutmuş olduğu halda geri dönər. Şaşqın və nadim bir cəllad tevri ilə baqıb durur.* Ma r a l . Humay!.. Əlvida!.. Ah, bəndən anama... salam! Unutma!.. Uf!.. Əl...vida!.. (Təslimi-ruh edər). H u m a y (yaralı bir fəryad ilə). Ah, Maral!.. Maral!.. Maral!.. (Deyə öpüb bağrına basar və şiddətli hıçqırıqlar içində boğulub düşər). -Lakin Humay ilə Maralın son sözləri dəvam etdiyi sırada Nadirlə Cəmilin sabit və əzici nəzərləri daima yuqarıdan aşağıya olaraq Turxan bəy üzərinə dikili qalır.* Pərdə SON * * * Kitabxana.az · https://kitabxana.az/collections/cavid-maral İctimai mülkiyyət (müəllifin vəfat ili: 1941). Public domain (author died 1941). Original text only.