Peyğəmbər Hüseyn Cavid (1882–1941) Bisət BİSƏT Aydın və yıldızlı bir gecə. Məkkə yaxınlığında Hira dağı. Ətrafda mağaralar, yalçın qayalar, sarp enişlər, qorqunc uçurumlar...Peyğəmbər əli alnında dərin düşüncələrə dalmış... O, qırq yaşında, gözəl, veqarlı bir sima... Alnı, köksü, omuzlarının arası geniş; rəngi gül rənginə mail əsmərimsi və nurani... Saçları nə pək qıvırcıq, nə də pək düz; sağalı bir tutam, sıq və tam; biləklər, qollar qalın və qüvvətli... Böyük başlı, hilal qaşlı, çəkmə burunlu, dəyirmi çöhrəli, orta boylu, iri gəmikli; kirpikləri uzun, iki qaşının arası açıq, fəqət bir-birinə yaqın. Gözləri qara və büyücək... İştə o dalğın və müəmmalı gözlər... Gecənin sükutunu oqşayan həzin və bayıltıcı bir ud zümzüməsini dinləyərək, uyuyor kibi, kəndindən keçmiş. Bu sırada pənbə, mavi, mənəkşə nurlar içində altun qanatlı, füsunkar bir mələk göydən enər və ilahi bir ahənglə Peyğəmbərə xitab etməyə başlar. Mələk Ulu dahi, sən ey böyük rəhbər! Qalx, oyan İştə hər tərəf, hər yer, Həp təbiət dalıb da röyayə, Cəlb edər ruhu şerü sevdayə, Gecə, yıldızlarilə pürxülya, Səni dinlər sükut içində fəza... Peyğəmbər (başını qaldırır, heyrət və iztirab ilə) Yenə röyamı gördüyüm əcaba? Sən nəsin, söylə? Mələk Bənmi? Hiç sorma! Əzəliyyət şəfəqlərində açan Tazə bir qönçə, pənbə bir yıldız. Əbədiyyət üfüqlərində uçan Tanrı qoynunda bəslənən bir qız. Şerü hikmət, zəka ilahəsiyim, Ulu dahilərin nədiməsiyim. Ayrı olsaq da iştə hər ikimiz Bir rübabın inildəyən səsiyiz. Peyğəmbər Nə için gəldin anlamam yenə sən? Mələk (göyə doğru) Ona qaldırmaq istərəm səni bən. Peyğəmbər Ah, sən daima gəlir də bana Sonra həp göstərirsən istiğna. Bən kimim, söylə?!Sən nəsin?Göstər! Mələk Bən mələk, sən də, sən də peyğəmbər. Peyğəmbər (şaşqın, geri çəkilir) Ya! Demək sən mələkmisin? Heyrət! Mələk Bən sənim, sən də bən, şaşırma, əvət Bən sənin əqlinim, fəqət daim Şu qiyafətlə zahir olmadayım. Peyğəmbər Gəl, yaqın gəl, aman, nə dilbərsin! Yox, saqın, gəlmə, dur, nə söylərsin. Yenə sarsıldı müztərib ruhum, Dur, aman, sanki qəlbi-məcruhum Şövqü həsrətlə rəqs edər, sızlar, Onu bir qəhrxəndə yaldızlar. Qopuyor ta içimdə bir tufan, Beynim atəş saçıb durur hər an. Yanıyor bənliyim, düşüncələrim, Çarə bul, yoqsa məhv olub gedərim. Mələk Ən gözəl çarə: iştə əzmü səbat, Olma əsla əsiri-hissiyyat, Buraqıb aczi durmadan yüksəl, Yüksəl, ey şanlı qəhrəman, yüksəl! Ərşi-lahutə doğru aç şəhpər, Daima yüksəl, ey böyük rəhbər! Peyğəmbər Yoq, qanat yoq! Bən iştə bir aciz Yolçuyum kimsəsiz, təsəllisiz. Çevrəm issız mağaralar, yalçın Qayalar, sarp enişlər, ah azğın Uçurumlar, alev saçan ovalar. Ruhu qəsvətlə yıldıran havalar... Bir çəmən yoq, axar su yoq, heyhat! Göz, qulaq burda duymaz eşqü həyat. Mələk (göyə doğru) Baq, şu əngin fəza, şu quytu dəniz... Nə qədər xoş, nasıl gözəl, ləkəsiz... Uçuşur hər tərəfdə yıldızlar... Rəqs edər sanki nazənin qızlar. Həp birər şer, sən də bir şair, Hər tamaşası eşqə aiddir. Peyğəmbər Ah, şu elmasparələr sərpən Gecə çoq möhtəşəm...fəqət onu bən Seyrə daldıqca sanki məhv olurum. Qəlbim oynar da, çırpınır ruhum. Anlamam bir şu ölçüsüz, şu dərin, Bu qaranlıq, çiçəkli pərdə niçin? Bəni yalnız düşündürən şu məal. Həp bu, yalnız bu, daima bu sual. Şu siyah çarşaf ən böyük əngəl, Uça bilsəydim, iştə ən əvvəl Onu yırtar da, parçalar da həmən. Qavuşurdum o hüsni-mütləqə mən. Mələk Onu dərk eyləmək qolay...Ancaq Ver içindən gələn sədayə qulaq, Dinlə həp kainatı, seyr eylə, Hər günəş ondan iştə bir şölə... Hər ufaq zərrə, hər küçük yapraq Sənə söylər bu rəmzi pək parlaq. Peyğəmbər Bəncə dünyada ən sevimli dilək Ona qoşmaq, onunla birləşmək... Mələk O da mümkün, düşün də haq yolu tut, Atalardan qalan nə varsa unut! Yıq xurafatı, əski bütləri qır, Kim yol azmışsa haqqa doğru çağır. Mərdivənlər yapıb könüllərdən, Parla, yüksəl vücudi-mütləqə sən! Peyğəmbər Öylə bir əsr içindəyim ki, cihan Zülmü vəhşətlə qavrulub yanıyor. Yüz çevirmiş də tanrıdan insan, Küfrü haq, cəhli mərifət sanıyor. Dinləməz kimsə qəlbi, vicdanı, Məhv edən haqlı, məhv olan haqsız... Başçıdır xalqa bir yığın cani, Həp münafiq, şərəfsiz, əxlaqsız. Gülüyor nura daima zülmət, Gülüyor fəzlə qarşı fisqü fücur. Ah, ədalət, hüquq və hürriyyət Ayaq altında çignənib gediyor. Mələk Əlverir səndə olsun əzmü səbat Şu qaranlıq mühiti, get, parlat! Haqqı anlat da, olma hiç məyus. Peyğəmbər Bəni bir kimsə dinləməz əfsus. Mələk Tanrı fərmanıdır bu, get söylə! (göyə işarətlə) Söylə ancaq onun lisanilə. Peyğəmbər Hanki möcüzlə? Bən ki, pək aciz Bir qulum kimsəsiz, müdafiəsiz. Mələk (altın qablı bir kitab verir) Haqqı təbliğ için sənin ancaq Rəhbərin sənəti-kəlam olacaq. Saçma, həp saçma başqa möcüzələr, Şu kitab iştə ən böyük rəhbər: Bəhs edər busədən, məhəbbətdən, İncilər sərpər elmü hikmətdən. Bu sırada bir iskelet gah qorqunc və boğuq, gah müstəhzi və soğuq qəhqəhələrlə, torpaq rəngində bir ridayə bürünmüş olduğu halda Peyğəmbərin qarşısına çıqar. İskelet Nə qədər şairanə, tatlı xəyal, Həp çocuqluq, əvət, xəyali-məhal! (Ridasının altından sıyrılmış bir qılıc çıqarır.) İnqilab istiyormusun, bana baq! İştə kəskin qılıc, kitabı buraq. Parlayıb durmadıqca əldə silah, Əzilirsin qanın olur da mübah. Eyləməz yardım incə hikmətlər, Həp sönər busələr, məhəbbətlər. Əvət, ancaq qılıcdadır qüvvət! Bundadır haq, şərəf və hürriyyət! (Çəkilmək istər.) Peyğəmbər Sən nəsin? Söylə! İskelet Bənmi? Piri-nədim. Rəmzi-tarix, o feylesofi-qədim. Qucağım oldu hər dəhayə beşik, Səni bən etmək istərim təbrik. Əvət, alnında parlayan yıldız Bəni cəlb etdi, şimdi sən yalnız Dinləyib dərsi-hikmət al bəndən. Yoqsa könlündə yapdığın gülşən Açmadan həp solub xərab olacaq. Umduğun hər dəniz sərab olacaq... Acı qəhqəhələrlə çəkilir. Peyğəmbər sarsılmış bir halda düşüncəyə dalır. Mələk (tatlı təbəssümlərlə) Yenə bilməm niçin-niçin daldın? Nə düşündün, niçin şaşıb qaldın? Sevgidən xoşmu səncə atəşi-kin? Yoq, qılıc söz qədər deyil kəskin. Tanrı keçmişdə həp qan istərkən, Şimdi məmnun fəqət məhəbbətdən. Peyğəmbər Bən məhəbbət əsiriyim...hər an, Hər zaman özlərim bir öylə cihan Ki, bütün kainatı eşq olsun. Könül uçduqca etila bulsun. Rəqs edib orda möhtəşəm bir hiss, Yasa batsın da, ağlasın iblis. Qandan əsla görülməsin də əsər, Saçsın al qönçələr şəfəqli səhər. Orda yüz bulmasın işgəncə, kədər, Oqşasın ruhu pənbə röyalər. Bana gülsün də həp o nazlı xəyal, Ah, o, yalnız o qayeyi-amal... - Onu duymaq, düyurmaq istərkən, Gəririm hər bəlayə köksümü bən. Daş, dikən, oq, qılıc, tokat, yumruq Həpsi xoş, hər nə gəlsə dönmək yoq... Kin, qərəz fışqırırsa vulkanlar, Büğz, ədavət saçarsa tufanlar, Çarpışır, of deməm, əvət bəni sən Çəkinir sanma hiç mübarizədən. Çünki həp bənliyim, kəmalım onun, Hər düşüncəm, bütün xəyalım onun. Bəni həp cəzb edər o incə məal. Ah, o, yalnız o qayeyi-amal!.. Peyğəmbər son sözləri söylərkən əllərini köksündə çarpaz edərək diz çökər, məftun və məczub bir tevrlə başını göyə doğru qaldırır. Mələk isə ilahi bir baqışla, ağır və duyulmaz bir hərəkətlə yüksəklərə çəkilir. * * * Dəvət DƏVƏT Bir zaman sonra, Məkkədə geniş bir yol, uzaqda qara örtülü Kə’bə... Yol kənarında bütçü dükanı, qanbur bir ixtiyar əlində böyücük bir büt yonar. Dükanın önündə dəxi satış için bir qaç danə hazır büt qonulmuş... Qarşıda gözəl yapılı, böyük qapılı bir ev gözə çarpar. Evdən ud səsi eşidilir. İ x t i y a r (səsini eşidilən ud səsinə uyduraraq aşağıdakı şərqiyi söylər) Dün gənc idim, bu gün oldum ixtiyar, Hər zamanın bir hökmü, bir halı var; İnsanların ıssız ruhunda parlar Hər gün yeni bir büt, yeni bir tanrı... Dün bir səfil idim, bu gün bəxtiyar, Hər anın bir zevqi, bir məlalı var. Kəndi əlim, kəndi duyğum hazırlar Hər gün yeni bir büt, yeni bir tanrı... Ud susar. Bu sırada biri sadə geyimli T o p a l , digəri zəngin qiyafətli Nəim – iki müştəri gəlir. T o p a l Mərhəba, ixtiyar baba! İ x t i y a r Mərhəba, oğlum, mərhəba! Gəl baqalım nerdəsiniz? Artıq bizi tərk etdiniz. T o p a l (bütləri gözdən keçirir) Sorma, ixtiyar, hiç sorma, Könlüm pək darılmış sana. Səndən hər çeşit büt aldım, Uğursuz çıqdı, şaş qaldım. Oğul istədim, qız verdi, Ah, çəkilməz bu qız dərdi. N ə i m (məmnun qəhqəhəylə) Fəqət bil’əkis bənimki, Hiç bir zaman görmədim ki, Oğul istəyim, qız versin. Şükür, taleyim pək zəngin... Dört oğlum, tək bir qızım var. Qız deyil, bir ay parçası! Hər görən şaşırıb donar; Bir mələk, bir gül qonçası. Peyğəmbər dalğın və düşüncəli bir halda gəlir, onları dinlər. T o p a l Onunçin rəhmətli baban Nəim ad qoymuşdur sana. Bən adsız, səqət bir insan, Hər kəs Topal diyor bana. Pək uğursuz bənim tanrım, Hər yıl qız doğurdu qarım. Cümləsini diri-diri Gömdüm məzarə... Ah, biri Pək gözəldi, acımadım. Fəqət sonra oldum nadim. (Cibindən taxtadan yapılmış bir büt çıqarır, ixtiyarın önünə atar, sinirli və darğın) Hər kötülük iştə bundan, Şu bayquş bütdəndir, inan. İ x t i y a r Xayır, oğlum, küfr etmə, dur, Bənim əlim uğurludur. Həp qülbələr, kaşanələr, Ən müqəddəs bütxanələr Bən yapdığım sənəmlərlə Süslənmişdir... Bəni dinlə! (Əlində yonduğu bütü göstərir) Bunu al da, hiç bir zaman Bundan sana gəlməz ziyan; Oğul verir, sərvət verir, Tükənməz səadət verir. P e y ğ ə m b ə r (göyə doğru həyəcanlı) Ulu Tanrı, ey qüdrətli Yaradan! Bu sözlər həp sana qarşı bir isyan... Şu sayğısız azğınlara qorqu ver, Ah, acı da, bunlara bir duyğu ver. Bir göz ver ki, haq nurunu duysunlar, Bir könül ver, doğru yola uysunlar. (Ətrafındakılara) Vətəndaşlar! Yetər, sapqınlıq yetər! Yalançı kahinlər sizi məhv edər. Əcdadınız doğru yoldan sapmışlar, Daşdan, taxtadan büt yapıb tapmışlar... O mə’nasız yolu həp unutmalı, Unutmalı, haq yolunu tutmalı. Bütün mə’budların fevqində parlar Yalnız gözəgörünməz bir Tanrı var, Odur həp varlığın əvvəli, sonu, Bütün kainat təqdis edər onu. İ x t i y a r (sinirli) Yahu nə istərsin bəndən? Söylədiyin bütün saçma... Çəkil dükanın önündən, Müştəriyə əngəl olma! P e y ğ ə m b ə r Şu büt yapan əllərinlə Yarınki haq divanında Cavabın nə olur, söylə? T o p a l (istehzalı qəhqəhəylə) Görünməz allahı yanında Bizim əsla işimiz yoq, Çünki yüzümüz pək qara... P e y ğ ə m b ə r Əfv edər, onun lütfi çoq Peşiman olan qullara. N ə i m (sinirli) Ey, Abdulla oğlu! Artıq Dinləməkdən usandıq biz. P e y ğ ə m b ə r Günəş parlaqsa da, yazıq! Pərdələnmiş gözləriniz. N ə i m (qara örtülü evi göstərir) Yahu utan bir Kə’bədən, Kə’bədəki tanrılardan. Üç yüz altmış büt var ikən, Bir Tanrıya uymaz insan. P e y ğ ə m b ə r (Kə’bəyə işarətlə) Fəqət şu öydüyün məbəd Bir panayır qaynağıdır: Yoqsul ərəbçin müəbbəd Bir ticarət ocağıdır. Şu duyğusuz bütlər dəxi Dilsiz birər dəllal demək; Görünməz Tanrı halbuki Yersiz, yurdsuz olsa gərək. Bu sırada orta boylu, parlaq nasiyəli, qılıc quşanmış bir gənc Peyğəmbərə doğru gəlir. T o p a l İştə, Əbu Talib oğlu! N ə i m (Peyğəmbəri süzərək) Əvət, bunun əmoğlusu! (Əbu Talib oğluna) Yaqın gəl! Baban nüfuzlu, Şanlı bir nəslin ulusu... (Həyəcanlı) Məkkə xalqı: qadın, erkək Hörmət bəsliyordu ona. O da mərhəmət edərək, Böyük arqa oldu buna. Şimdi o ölmüş də bunun Yardımçısı, arqası yoq. Ögüt verin uslu dursun, Söylənib durmasın da çoq. Ə b u T a l i b o ğ l u Sizin duyğunuz həp sönük, Yarasa nurdan nə anlar? Tanrı elçisi pək böyük... Nə söylərsə hikməti var. N ə i m (qafasını oynataraq) Əvət, bildik sən də bunun Ayrılmaz bir kölgəsisin. Ar olsun sana, ar olsun! Gör kimsin, kimin nəsisin. Ə b u T a l i b o ğ l u (qılıcını yarıya qədər çəkər, qızğın bir tevrlə) Azğın hərif, sus! Yoqsa bu Qılıc həddini bildirir. P e y ğ ə m b ə r (qolundan tutub bir tərəfə çəkər) Gəl, ey Əbu Talib oğlu! Haq onlara cəza verir. Ə b u T a l i b o ğ l u (həyəcanlı) Ah, sanki beynimdəki qan Bir alevdir yaqar bəni, Şu cahillərdə yoq vicdan, Təhqir etdirmə kəndini. P e y ğ ə m b ə r Tanrı əmridir, əzizim, Alim, cahil eşitməli. İştə vəzifəmiz bizim Hər acıya səbr etməli... Ə b u T a l i b o ğ l u (əli qılıcının qəbzəsində titrər və qınına işarətlə) Lakin şu qılıc nə zaman Şu məhbəsdən qurtulacaq? P e y ğ ə m b ə r Bəklə, dur, böyük Yaradan Nə əmr etsə o olacaq. (Gedərlər) T o p a l Bən Əbu Talib oğlunu Bunca qəhrəman bilməzdim. Bir çocuq sanırdım onu, Cəsur deyilmi, ya Nəim?! N ə i m Cəsur, aslan kibi cəsur! Əvət, çoq ar olsun bizə, Biri çocuq, meydan oqur. Biri gülər dinimizə. T o p a l Görünür, yeni din için Az-çoq hörmət bəsləyən var. N ə i m Ona iman edənlərin Çoqu çocuqlar, qadınlar... T o p a l Əbu Bəkr için sözün nə? Can veriyor yeni dinə. N ə i m O da ağsaqal bir çocuq, Hiç kimsəyə tə’siri yoq... T o p a l (ixtiyarın əlindəki bütü göstərir) İxtiyar! Sən şunu yap da, Bən gedəyim, acıqmışım. İ x t i y a r Aqşam çağı uğrayıb da Alırsın, haydı, qardaşım! Gedərlər. Bu sırada yuca boylu, uzun və xurmayı saçlı, son dərəcə gözəl, məğrur və əzəmətli bir qız – Şəmsa kəndi həbəşi nədiməsilə gəlir, qarşıdakı evə daxil olur. İçəridən incə və həzin bir ud səsi eşidilməyə başlar. N ə i m (heyrətlə) Şəmsa-gözəl müğənniyə, İştə musiqi pərisi; Bəkliyəlim bir saniyə, Ah, nə xoşdur onun səsi. T o p a l Baş kahin diyor, mə’budlar O səsdən pək zevq alıyor. Həm nə gözəl əş’arı var, Lakin oqurmu? Pək məğrur. N ə i m (evə işarətlə) Baş rəisin qaynı burda Böyük bir dügün yapıyor. Zənn etməm ki, gözəl Şəmsa Bu məclisdə baqıb durur. Ş ə m s a n ı n s ə s i Bən istərim şəfəqlər çiçəklərdən, Ay günəşdən, insanlar mələklərdən. Nə gözəllik varsa, çalsın da birdən, Həpsi bir baqışda şikarım olsun! T o p a l Ah, bu təsadüf nə ə’la! (Çalğıyı dinlər) Aman, nə incə bir pərdə! N ə i m İştə gördünmü, bən əsla Yanılmam böylə şeylərdə. Ş ə m s a n ı n s ə s i Bən istərim hər nə var uzaq, yaqın; Böyük dahilərin, qəhrəmanların, Bütün ruhu bir çöhrədə parlasın, O da bənim pərəstişkarım olsun! N ə i m Qulaq verdinmi sözlərə, Şəfəqlərdən tac istiyor. Tuhaf qız! Sığmıyor yerə, Göylərdən də bac istiyor. Musiqi dəyişir, rəqs ahəngi başlar. T o p a l Bən acım, getmək istərim. N ə i m Çıldırdınmı? Dur, hələ dur, İş dəyişdi zənn edərim. Baq, misafirlər çıqıyor. T o p a l (diqqətlə baqar) Zəngin ixtiyarı, gənci; Görünür, pək kibar məclis... N ə i m Öylə ya, iştə birinci, İkinci, üçüncü rəis! Birinci, ikinci, üçüncü rəis və digər kibar qiyafətli misafirlər, yarım sərxoş bir halda, çıqmağa başlar. Çalğı taqımı da onları izlər. Ətrafdan səsə bir çoq qadın, erkək, çoluqçocuq toplaşır. Iki-üç qadın rəqs edər, hər kəs əl çalar. Rəqs bitdiyi sırada Peyğəmbər dalğın adımlarla bir tərəfdən çıqar. B i r i n c i r ə i s (orta yaşlı, top saqallı, Peyğəmbəri görür-görməz istehzalı qəhqəhələrlə) Şuna baq, halətü rəftarına baq, Göydən enmiş, sözü kəskin, parlaq! Əski adətlərə kin bəslər imiş! Tanrıdan gəlmiş o, peyğəmbər imiş! Çalğı susar. P e y ğ ə m b ə r (əzəmətli, kəskin bir ahənglə) Əvət, ondan bütün əsrari-nihan, Bana vermişdir o idrakü bəyan. Tanrının hikmətidir cümlə cihan, Varmı təkzib edəcək bir insan!? İ k i n c i r ə i s (gənc, silahlı, gözəl) Pək gözəl natiq imişsin, yahu! Bir masal söylə, beş-on ayət oqu! Ü ç ü n c ü r ə i s (ixtiyarca və kosa) Gəl bir az söylə çoban Musadan, Babasız, göydə uçan Isadan! (istehzalı qəhqəhə) Sən də uçdunmu?! Aman, lütf eylə, Hopla bir seyr edəlim. (Kəndi hoplar) Baq, böylə! (Düşəcək olur, təkrar sərxoşca qəhqəhələrlə doğrulur). P e y ğ ə m b ə r Bana az tə’n edin, ey əhli-fəsad! Ən böyük düşmanınız cəhlü inad. Yetişir zevqü səfa, çəngü rübab, Yetişir içdiyiniz qanlı şərab, Bu qadar uydunuz İblisə, yetər, Ayılın, qəflət ölümdən də betər... Ayılın, bir baqın aləmdə nə var? Sizi həp məhv edəcək şürbü qumar. Sonu hiçdir, uçurumdur bu yolun, Haq şərabilə bir az sərxoş olun! Fikriniz parlayaraq incəlsin, Ruhunuz rəqs edərək yüksəlsin. Tanrı eşqilə coşan tatlı şərab Böylə etməz sizi bədməstü xərab. Şimdi aslan kibi hər kəs qızğın, Sonra vəhşi canavardan azğın, Daha az sonra domuzdan miskin; Budur əhvalınız axırda sizin! İ k i n c i r ə i s (sinirli və həyəcanlı) Ah, o bilməm ki, nə sanmış da bizi, İştə təhqir ediyor cümləmizi. Ona hər gün beş-üç abdal qanıyor, Hər nə söylərsə həqiqət sanıyor. (Qılıcını çəkərək) Yetişir, xaini məhv etməliyiz, Sayğısız, həm də müzəvvir, dinsiz. Ü ç ü n c ü r ə i s (mane olur, yarımistehza) Dur, təlaş etmə, xayır, bəncə o bir Dəlidir, bəlkə də sərsəm şair. P e y ğ ə m b ə r (acı təbəssümlə) Şairim, bəslədiyim sidqü səfa, Çırpınıb izlədiyim nuri-dəha. Daima ruhumu oqşar cəbərut, Şe’rü ilhamımı dinlər mələkut. Bən fəqət hüsni-xuda şairiyim, Yerə enməm də, səma şairiyim. B i r i n c i r ə i s (istehzalı qəhqəhədən sonra) Ərəbistanda nə çoqdur şair, Sana uçmaqda deyil kimsə nəzir. Qorqarım şəhpərin axırda yanar, Azacıq sonra düşüncən də donar. P e y ğ ə m b ə r Bənzəməz şairə peyğəmbərlər, Onların hər sözü hikmət söylər. Bana ilham edər ancaq Tanrım, Onun eşqilə uçar duyğularım. O olurkən bana munis, rəhbər, Niyə yansın da qırılsın şəhpər? Ü ç ü n c ü r ə i s (arqadaşlarına) Yetişir, bən sizə qaç kərrə dedim, Xəstədir beyni, tədavi lazim. P e y ğ ə m b ə r Bana gülməkdəsiniz gərçi bu gün, Var yarın sizlər için qorqulu gün. O zaman iştə ölənlər dirilir Kim nə yapmışsa cəza çəkdirilir. B i r i n c i r ə i s Yaşamaq, ölmək?! O hər günkü oyun, Bir də ən sonda dirilmək nə cünun, Nə də axmaqca yalan, tatlı masal! Buna iman edər ancaq abdal. Ü ç ü n c ü r ə i s Səndən arif daha çoqlar var ikən, Səni seçmiş əcəba Tanrı nədən? P e y ğ ə m b ə r Çünki bən aşiqi-divanəsiyim, Bən o hüsnün dəli pərvanəsiyim. Gərçi tənqid edənim çoq, pək çoq, Bəni haqqilə duyan yoq, hiç yoq. İ k i n c i r ə i s Doğrudur bəlkə sözün, lakin biz Sənin allahını görmək diləriz. P e y ğ ə m b ə r Ən küçük zərrə, ən böyük aləm Tanrı eşqilə rəqs edib duruyor. İncə bir rəmzdir o, pək mübhəm, Hər böyük qəlb o rəmz için vuruyor. Yüksələn haqqa yaqlaşır ancaq. Onu duymaz sürüklənən həşərat. Bir günəşdir o, möhtəşəm, parlaq, Nuri hiç dərk edərmi kor, heyhat! Nerdə parlarsa haq, şərəf, vicdan, Eyilik, doğruluq, gözəllik, inan, Orda var sevgi, orda var iman: Orda var şübhəsiz böyük Yaradan! N ə i m (açıq bulunan böyük qapıdan baqar, Topala) İştə seyr et, baş rəisin Nüfuzlu məğrur hərəmi! Hiç əskik olmaz xalq için Onun ehsanı, kərəmi. T o p a l Gerçəkdən pək böyük qadın! Əli açıq bir rəisə... Dün böyük bir büt, saf altın Hədiyyə etmiş Kə’bəyə. Bu sırada içəridən dört nəfər çıplaq köləyə yüklənmiş bir təxti-rəvan çıqar. Üzərində Rəisə – Baş rəisin hərəmi oturmuş. Təxti-rəvanın sağ və solunda iki gözəl cariyə yürür. Arqada bir zənci əlindəki qırbacla çabuq yürümələri için ara-sıra kölələrin sırtına şatlatıb durur. Rəisə göründükdə hər kəs tə’zim edər. Peyğəmbər isə kəskin baqışlarla onu süzməyə başlar. R ə i s ə (məğrur və istehzalı təbəssümlə camaata) Nə var yenə, şu əfsunçu Yeni bir şeymi söylüyor? İ k i n c i r ə i s Əvət, şu qurnaz oyunçu Getdikcə tüğyan eyliyor. P e y ğ ə m b ə r (təxti-rəvana baqaraq) Bilməm atıb heyvanları, Omuzlarda gəzmək niçin? Şu zavallı insanları Yük altında əzmək niçin? Halbuki zənginlə yoqsul Bir topraqdan yaratılmış, Bir sultanla, bir qara qul Eyni çamurdan yapılmış. R ə i s ə (kəndi-kəndinə) Ah, o gözlər bir oq kibi Ta qəlbimə saplanıyor. O bir fəzilət sahibi... Xor baqanlar aldanıyor. (Peyğəmbərə) Ey, bana baq, söylənmə çoq, Satın aldım bunları bən. (Kölələri göstərir) Altın versəm, hiç şübhə yoq, Sən də əsirimsin həmən. Nasıl ki, altunla öncə Satın aldı qarın səni. Yaşı keçmiş dul Xədicə Söndürdü kəndi nəfsini. Hiç öyünmə, əvət, altun Sən deyil, susdurur hətta Sənin hiçdən uydurduğun O görünməz Tanrıyı da! P e y ğ ə m b ə r (həyəcanlı) Xayır, xayır... Saqın, əsla Aldanma! Parlaq vicdanlar, Böyük duyğular pək başqa... Altına satılmaz onlar. Haqdan keçib, altın deyə, Vicdanını satan səfil, Yəhudi köpəyindən də Alçaqdır, alçaq... eyi bil! İnsanları bir-birindən Ayıramaz altın, gümüş. İştə bizi ayırd edən Yalnız bilgidir, düşünüş... Bu sırada birisi arqa tərəfdən Peyğəmbərin başına xurma yapraqlarilə örülmüş dikənli bir tac qoyar. Ətrafdakılar istehzalı qəhqəhələrlə gülməyə başlar. R ə i s ə (əlindəki yelpazə ilə kölələrə “get” işarəti verir, gedərkən camaata) Nə məraqdır sizdə bilməm, Hər kəs gülər, həm də dinlər. Camaatdan bir qaç qadın və çocuq Peyğəmbəri daşa basar. C a m a a t (kin və nifrətlə) – Haydı, məcnun! – Haydı, sərsəm! – Haydı, yalançı peyğəmbər! P e y ğ ə m b ə r (dikənli tacı bir tərəfə atar, həyəcanlı, fəqət bir qədər mə’yus) Ah, insanlıq nasıl enmiş... Nasıl enmiş də, alçalmış!.. Vicdanların nuru sönmüş, Könülləri vəhşət almış. Peyğəmbər hənuz söyləməyə başlarkən camaat Birinci rəisin işarətilə çalğı çala-çala, oynaya-oynaya Rəisə getdiyi tərəfə doğru ilərilər və onun sözləri qurultuya qarışaraq anlaşılmaz olur. Çocuqlar və qadınlardan bir qismi yerdən daş parçaları alıb atar, qəhqəhələr, məsqərəliklər və kinayəli tevrlər ilə uzaqlaşıb gedərlər. Peyğəmbər əli alnında, mə’yus baqışlarla onların arqasınca baqıb düşünür. N ə d i m ə (geridə qalıb da şaşqın baqışlarla düşünüb duran Şəmsaya) Şəmsa! Pək düşündün, yavrum, Aman, gəl, nə olmuş sana? Ş ə m s a Anam, babam, qardaşlarım, Hər kəs kin bəslərkən ona. Ah, o gözlərdəki qüdrət Həp təsxir edər könlümü. N ə d i m ə Pək böyük ondakı cür’ət, İnan, yaqlaşmış ölümü. (Şəmsanın qolundan tutar, gedərlər) İ x t i y a r (bütləri toplayıb içəri qoyar. Qapıyı qapayıb gedərkən Peyğəmbəri süzər və istehzalı qəhqəhəylə) Uslanmadınsa, get, yenə Bildiyin saçmayı söylə. Kimsə uymaz sözlərinə, Mə’yus olursun həp böylə. Əmin ol ki, Lat və Üzza Bir gün həddini bildirir. Əlbət, sana layiq cəza Hər nə isə çabuq verir P e y ğ ə m b ə r (acı bir həyəcan ilə) Erkək, qadın, çoluq-çocuq Hər kəs əylənib gediyor. Sözlərimin tə’siri yoq, Hər rast gələn tən ediyor. Hər kəs gülər bana... Şaka Sanırlar Tanrı əmrini. Bir avuc əshabdan başqa Hiç kimsə dinləməz bəni. (Gedər. Şu halda hava qararmağa başlar. Nurani mələk tatlı təbəssümlərlə Peyğəmbərin qarşısına enər). M ə l ə k Ey, Tanrı elçisi, mə’yus olma, dur! Ümidsizlik sana hiç yaraşmıyor. Inan, ümiddir qayələr qayəsi, Acıdır ümidsizliyin meyvəsi. Ümidsiz bir insan, ümidsiz millət Səfil və bədbəxt olur ən nihayət. P e y ğ ə m b ə r Lakin bana qarşı həp kin bəslənir, Ah, münafiqlər həp gülər, əylənir. M ə l ə k Əvət gözlər kordur, qulaqlar sağır, Vicdanlar qabadır, tə’nələr ağır. Fəqət sağır qulaqları açmalı, Dikənli yollara güllər saçmalı. Əvət, açmalı kor olmuş gözləri, Əvət, dinlətməli acı sözləri. Yıldızlar oynarkən haq qucağında, Düşün, nə əhd etdin Hira dağında?! Ey böyük yalavac, inan ki, sussan, Bəsbəlli tarix görür böyük ziyan. P e y ğ ə m b ə r (məczub) O yüksək baqışlar, aman, Nə tatlı, həm nasıl məsrur! Ümidsiz könlümə hər an Qönçə əməllər sərpiyor. Sənin küçük bir lütfünə Layiq olan hiç susarmı? (Göyə doğru) Bir könül ki, uysun ona; Gülünc alaydan qorqarmı? M ə l ə k Hiç qorqma, haq sözü söylə, Durmuş yürəkləri çarpdır! İssız ruhları atəşlə, Yaq, çəkinmə! Yolun haqdır. Durma, get, acı olsa da Tanrı buyruğunu anlat. Hər qonaqda, hər qülbədə Söylə! Zülməti aydınlat! P e y ğ ə m b ə r (çəkilib gedən Mələyə qarşı diz çökərək) Xayır, susmam, gedər haqqı söylərim, Ölümdən çəkinməm, səni dinlərim. Çünki sən o şəfəqdən bir parçasın, O fidandan dərilmiş bir qonçasın. O günəşdən ayrılmış bir yıldızsın, Tanrı gülüşündən doğmuş bir qızsın. İ s k e l e t (bir guşədən qarşısına fırlar, şiddətli və istehzalı qəhqəhələrlə) Xayır, çəkinmə, get inandır, inan! İnanmaqla bəxtiyar olur insan. İnan! Fəqət tapdığın ulu Tanrı Sən kəndinsin, deyil o səndən ayrı. Əvət sən o küllün cüz’isin, inan! Əfsus cüz uzaqdır külli sarmaqdan. (Göyə işarətlə) O uzaqdır rənglərdən, sifətlərdən, Uzaq... həp dinlərdən, təriqətlərdən. Hər mühit onu bir çeşit yaratmış, Hər kəs qaranlıq dama bir daş atmış. Hər kəs ona bir ad qoymuşdur gerçək, O qaranlıq ışıq fəqət pək yüksək... Onu göstərmək istəyən də şaşqın. Rədd etmək istəyən sərsəm də azğın. Çırpınmamaq istərsən aldan, inan! Yazıq sana, yazıq, zavallı insan!.. (Acı qəhqəhələrlə çəkilir) Hava aydınlaşır. Peyğəmbər dalğın baqışlarla düşünür. Ş ə m s a (Nədimə ilə bərabər geri dönər. Peyğəmbəri o halda görüncə) İştə o, baq, dalmış yenə, Ah, nə həşmətli bir sima! Rəngi mail gül rənginə, Hər baqışı bir müəmma... N ə d i m ə Pək gözəl, qaməti mevzun, Köküs geniş, qollar qalın. Göz qara, kipriklər uzun, Böyük başda açıq alın... Ş ə m s a Çoq zaman diyorlar dalar, Baş dönmədən bayğın düşər. Sanki şimdi o halı var, Başqa aləmdə seyr edər. N ə d i m ə Nə çoq məraq etməkdəsin Könlün pəkmi sevər onu? Ş ə m s a Ah, nə sönük sənin hissin, Hər qadın onun vurğunu. N ə d i mə İştə baq, getmək istiyor, Həp düşünür, o həp dalğın. Ş ə m s a (yaqlaşır) Sözüm var sana, getmə, dur! P e y ğ ə m b ə r (başını qaldırıb baqar) Nə istərsin, gözəl qadın? Ş ə m s a (sarsılmış və sinirli) Qadınmı?! Ah, böyük təhqir... Hər kəscə bəllidir adım, Bən bir qızım, həm də bakir Hənuz kimsəyə varmadım. İncilər, altın, gümüşlər, Hər dürlü sərvət bir yana, Hər kəs məcnun kibi izlər, Məftundur həp gənclik bana. Könül vermədim kimsəyə Bir xilqətim iştə nadir... Düşün, bakir bir qönçəyə Qadın demək pək xətadır. P e y ğ ə m b ə r Halbuki o qönçə bikri Hər gün binlərcə göz əmər. Öyündüyün bikr, ey pəri, Sönər, hər gün bir az sönər. Evlad eşqilə çırpınan Bir qadın könlü, şübhəsiz, Sayğısız qızlarınkından Daha bakir, həm ləkəsiz... (Peyğəmbər gedər. Şəmsa onu izləmək istər) N ə d i m ə Bıraq, yüz vermə bir böylə. Ş ə m s a Ah, əvət məhv olmalıdır. (Bir az tərəddüd... sonra) Xayır, o bənim əlimlə Ölümdən qurtulmalıdır. (Nədiməyə) Sən çəkil, bir yanda bəklə! (Nədimə çəkilir. Kəskin bir səslə uzaqlaşan Peyğəmbərə) Getmə, dur! P e y ğ ə m b ə r Nə imiş, söylə? Ş ə m s a Qandırmış xalqı baş kahin, Hər kəs səni arar... P e y ğ ə m b ə r Niçin? Ş ə m s a Peyğəmbərə ölüm deyə Gözlər həp atəş saçıyor. P e y ğ ə m b ə r Sus, inanma hiç kimsəyə, Peyğəmbərə ölüm yoqdur. Onun üstündə göylərin, Yuca Tanrının gücü var. Daş bütlərə tapan kahin Bir gün gəlir haqqı anlar. Əvət, o cansız mə’budlar Bir gün gəlir ki, qəhr olur. Qəhr olur, devrilir, batar, Hər kəs onlardan qurtulur. Ş ə m s a (usanmış bir halda) Ah, sən bizim mə’budlardan Nə istiyorsun, bilməm ki?! P e y ğ ə m b ə r Çəkil, ey haq yoldan azan Vəhşi səhralar çiçəyi!.. (Yüzünü çevirib, sinirli adımlarla uzaqlaşır) Ş ə m s a (iki-üç adım izlər, qarşısına keçib getməsinə mane olur. Məğrur və amiranə bir tevr ilə) Getmə, dur! Aç gözlərini, Baq gör bən kimim, bən nəyim? Hiç düşündürməzmi səni Vurğun könlüm, gözəlliyim? P e y ğ ə m b ə r (başını qaldırır, diqqətlə süzər, pərəstişkar bir ahənglə) Əvət, gözəl!.. Şairlərin Tatlı xülyasından gözəl. İlk baharda səhərlərin Pənbə rö’yasından gözəl!.. Yıldızların sevdasından Yaratılmış bir çiçəksin. Gözəlliyin mə’nasından Daha dilbər bir mələksin. (Göyə işarətlə) Fəqət bir Tanrı ki, sana Böylə bir gözəllik vermiş. Nədən xor baqarsın ona, Niçin etməzsin pərəstiş? Ş ə m s a Ah, bilməm ki, şu qaranlıq, Şu əngin boşluqda nə var? O bir dərin hiçlik artıq, Sağır hiçlikdən nə çıqar? P e y ğ ə m b ə r Halbuki saysız ışıqlar O qaranlıqdan parlıyor. Görüb duyduğun varlıqlar O hiçlikdən feyz alıyor. Ş ə m s a Bən istərim qəlbindəki Tanrı eşqi unutulsun, Könlümdə çırpınan sevgi O eşqin yerinə dolsun. P e y ğ ə m b ə r Çəkil, artıq sərsəmlədin, Dəf’ ol da sus, ah, uğursuz! Mərmər köksündəki qəlbin Daş bütlər qədər şüursuz... (Çəkilmək istər) Ş ə m s a (önünə keçərək) Şimdi mələk derkən bana Bu təhqir bilməm ki, niçin? P e y ğ ə m b ə r Çəkil, bu da azdır sana, Çünki şeytan bir mələksin. (Gedər) N ə d i m ə (gəlir) Sən ona hörmət bəslərkən, Nifrətlə – sus, çəkil! – diyor. Qurtuluş yolu söylərkən, Səni həp təhqir ediyor. Ş ə m s a (kinli) Pək məğrur... Əvət, mütləqa Kəsməli onun dilini. (mülayim) Lakin... o gözlər daima Söndürür bəndəki kini. Ah, o gözlər daim qara Elmas kibi parlar durur. Arqasında hikmət, dəha Dənizləri həp mevc vurur, Bəni ən çoq əsir edən Onun parlaq sözləridir. Ah, insanı həcv edərkən Belə o pək zərif şair... N ə d i m ə O yalnız şairsə, düşün, Sən həm şe’rsin, həm şair. Hüsnün, gözəl səsin, bütün Hicaz ölkəsində nadir... Ş ə m s a Bən hiç... ən böyük şairlər Ona qarşı diz çökməli, imrüülqeys kibi ərlər Susmalı, boyun bükməli... Əvət, bizdə nə çoq şair, Onlara bir zənbil xurma, Ya şərab, ya bir altın ver, Mədh edərlər səni... Ama O, düşmandır yaltaqlığa, Həp kindən, qərəzdən qaçar. Geniş ruhu sanki fəza... Daim yüksəklərdə uçar. (Mə’yus və həyəcanlı) Əfsus bütləri, Kə’bəyi Həp rədd edər, iştə bəla! Həm pək sevər Xədicəyi, Bunu əfv edəməm əsla! N ə d i m ə (ətrafa baqar) Baq, gəldilər baş kahinlə Xəttab oğlu önlərində, Qızmış böyük, küçük, kölə, E’tidal yoq hiç birində. Öndə baş kahin, rəislər və orta yaşlı, yuca boylu, silahlı X ə t t a b o ğ l u olduğu halda camaat gəlir, hər kəs kinli baqışlarla ətrafı süzməyə başlar. B a ş k a h i n Nerdə, yahu, onu bir göstəriniz! Əcəba nerdə o xain dinsiz? X ə t t a b o ğ l u Kim bilir, bəlkə də qorqub qaçmış. Ş ə m s a (Nədiməyə) Yoq, o qorqaq deyil əsla, yanlış... İ x t i y a r (gəlir, dükanın qapısını açaraq) Burda dalmışdı o xülyayə dəmin. B i r i n c i r ə i s İştə qorqub da savuşmuş miskin!.. İ k i n c i r ə i s O fəqət bəncə bir aciz, sərsəm... Ü ç ü n c ü r ə i s Bən də əsla ona mə’na verməm. B a ş k a h i n (yola baqar) Baş rəis! Ah, nə qadar halı fəna, Baqalım bir o nə söylər əcəba? B a ş r ə i s gəlir. Hər kəs əyilir. Sükut... B a ş r ə i s (öndə duran rəislərə şiddət və həyəcan ilə) Arqadaşlar! Nə demək bunca sükut? Niyə baqmaqdasınız həp məbhut!? Pək küçük sandığınız bir miskin Bəsliyor bizdəki adətlərə kin. Hiçə endirmədə həp dinimizi, Gülüyor bütlərə, saymaz da bizi. Onun ancaq yuca göylərdə yaşar, Əl vurulmaz yeni bir Tanrısı var. Öylə bir Tanrı ki, gözlər görməz, Cismi yoqmuş da nə cevhər, nə ərəz... Doğurub doğmaz o bimislü şərik, Həm məkansız... Nə qadar sərsəmlik?! Söylüyor həp bir imiş şah və gəda. Bu səbəbdən uyaraq həp füqəra, Həp zəiflər, kölələr, cariyələr Onu dinlər, ona hörmət bəslər. Ah, o bir gün düşünüb yol bulacaq, Bizə qalib və müsəllət olacaq... X ə t t a b o ğ l u (istehzalı təbəssümlə) Bir xəyal iştə, əvət tatlı xəyal. (Hiddətlə qılıcını çəkər) Şu qılıc əldə dururkən, bu, mühal... Hörmət etdim də Bəni Haşimə bən, Öncə vaz keçdim onun qətlindən. Nə qadar olsa da əcdadı ulu. (Əlini köksünə vurur) Sağ bıraqmaz onu Xəttab oğlu. Qəhrəmanlar bana aciz qul ikən, O nasıl qurtulacaq pəncəmdən? Hiç məraq etməyin, əl’an gedərim, Onu bən parçalarım, məhv edərim. (Qılıcını qınına qoyub sərt və qızğın baqışlarla uzaqlaşır) B a ş r ə i s İbn Xəttabın, əvət, şöhrəti var, Qəhrəmandır nəyə əzm etsə yapar. (Kənarda duran orta yaşlı Səidə) Sən də get, durma, Səid! Göz-qulaq ol! Yardım et qaynına, Peyğəmbəri bul. Camaat dağılır. S ə i d (uzaqlaşan Baş rəisə tə’zim ilə) Pək gözəl... (Ətrafa) Ah, canavar, ah ədna... Görəyim qəhr olasın sən də, o da... Gedər. Nədimə ilə bərabər geridə qalan Şəmsa həyəcanlı hallar keçirir. Ş ə m s a Yoq, bu mümkün deyil əsla... əsla, Onu məhv etmədə yoq bir mə’na. N ə d i m ə Şimdi Peyğəmbərə kin bəslər ikən, Bu təlaşın əcəba söylə nədən? Ş ə m s a Ah, o şahincə baqışlar hər an Çırpınan ruhumun üstündə uçar. O gözəl səsdəki qüvvət, həyəcan Sızlayan könlümə bir şö’lə saçar. Seyr edərkən onu qarşımda dəmin, Söndü həşmət, əzəmət, söndü qürur. Onu sevdimmi? Bilinməz... Lakin Bəni bir duyğu əzib qəhr ediyor, O yanan qəlbə qavuşmaq dilərim, Ona qoşmaq dilərim. (Sinirli adımlarla Peyğəmbər getdiyi tərəfə doğru ilərilər, Nədimə də kəndisini izlər) * * * Hicrət HİCRƏT Eyni şəhərdə məzarlıq. Kənarda bir evciyəz, iki-üç xurma ağacı. İkindi çağı... Ev sahibi Səid təlaş ilə gəlir, qapıyı şiddətlə çalar. Qapı açılır. Onun 30 yaşını keçməyən qarısı – Xəttab qızı qarşısına çıqar. X ə t t a b q ı z ı Səid, yüz-gözünü saran Bu təlaş niçin, əcəba? S ə i d Əhd etdi qardaşın əl’an Dəhşətli bir qurultayda... Sükut... X ə t t a b q ı z ı Aman, nədir əhd etdiyi? Bu təlaş, bu susmaq niçin? S ə i d Xəttab oğlu and içdi ki, Peyğəmbəri məhv eyləsin! X ə t t a b q ı z ı (sarsılmış və qorqulu) Ah, bu qorqunc xəbər bəni Bir yıldırım kibi vurdu. Tanrı qurutsun əlini Yoq, o artıq pək qudurdu! S ə i d Bilsə hələ sən də, bən də O dinə iman etmişiz; Hiç sağ bıraqmaz, ilk öncə Bizdən öc alır şübhəsiz. (Uzaqdan Xəttab oğlu görünür) X ə t t a b q ı z ı İştə kəndisi! Şərrindən, Ya Rəb, sən saqla bizləri. X ə t t a b o ğ l u (kinli adımlarla yaqlaşır) Səid! Sizdən varmı görən Hiç o düzmə Peyğəmbəri? X ə t t a b q ı z ı Yoq bir kimsənin xəbəri. (Səidi göstərir) Nə zevcim görmüş, nə də bən. (Hər ikisi içəri girər) X ə t t a b o ğ l u (əli qılıcının qəbzəsində, qızğın) Xayır, əsla o sərsəri Qurtulamaz şu pəncəmdən. (Bu sırada Əbu Talib oğlu sür’ətli adımlarla gəlib keçər) Dur, ey Əbu Talib oğlu, Bu sur’ətlə sən nerəyə? Ə b u T a l i b o ğ l u Gediyorum Tanrı qulu Peyğəmbərlə görüşməyə. X ə t t a b o ğ l u Sizlərdəki həsəb-nəsəb Bəlli, hər kəscə möhtərəm. Ə b u T a l i b o ğ l u (onun sözünü kəsərək) Fəqət bəncə elm, ədəb Həsəb-nəsəbdən müqəddəm... X ə t t a b o ğ l u Sözlərimi kəsmə, dinlə! Ə b u T a l i b o ğ l u Dinliyorum, əvət, söylə. X ə t t a b o ğ l u Bəncə atıb yeni dini, Əcdadınla öyünməli... Ə b u T a l i b o ğ l u İnsan deyil əcdadını, Yalnız haqqı düşünməli. X ə t t a b o ğ l u Nə istərsiniz əcəba Gözə görünməz Tanrıdan? Ə b u T a l i b o ğ l u Görmədiyim bir Tanrıya Bən əyilməm hiç bir zaman. X ə t t a b o ğ l u Nerdə gördün onu, nerdə? Ə b u T a l i b o ğ l u Hər zaman iştə hər yerdə, Əvət, göstərir hər səda. Hər hərəkət onu daim, Bir şey görmədim ki, onda Tanrıyı görmüş olmayım. X ə t t a b o ğ l u (yarımistehza) Sən bu fevqəl’adə yolu Lütf edib də öyrət bana. Ə b u T a l i b o ğ l u (eyni ahənglə) Bir çocuq, ey Xəttab oğlu, Öyrətəməz bunu sana. X ə t t a b o ğ l u (mə’nalı təbəssümlə) Fəqət diyorlar Peyğəmbər Tapınırkən Tanrısına; Daim izhari-əcz edər, Heyrətlə der “ma ərəfna”... Ə b u T a l i b o ğ l u İzhari əcz edən arif Ən böyük idrak əhlidir. X ə t t a b o ğ l u (məğrur və istehzalı baqışlarla) Dursun! Xaliqini hərif Bu gün məzarda öyrənir. Ə b u T a l i b o ğ l u (əli qılıcının qəbzəsində titrər) Sakit ol, onun məzarı Deyil yerdə, göylərdədir. Ona yalnız uca Tanrı Öz qucağında yer verir. Həm də onu, inan bana, Hər yigit qılıcı kəsməz. Dünya dağılsa da ona Əsla ölüm yeli əsməz. X ə t t a b o ğ l u (istehzalı qəhqəhə ilə) Fəqət rəngin pək dəyişdi, Könlün qavğamı istiyor? Ə b u T a l i b o ğ l u Xayır, çünki qan dökməyi, Böyük Tanrı mən’ ediyor. X ə t t a b o ğ l u Bu bir yaldızlı hiylə ki, Həp qorqudan nəş’ət eylər. Ə b u T a l i b o ğ l u Saqın! O sevməz hiyləyi, Nə söylərsə doğru söylər. Abdulla oğlunu əsla Qorqutacaq bir qüvvət yoq, Hiç öyünmə, keçmiş ola; (əlini köksünə qoyaraq) Onun yardımçısı pək çoq... X ə t t a b o ğ l u İştə qəhrəman bir çocuq! Ərəbsin, eşq olsun sana! Inan, səndəki məğrurluq Ciddən xoş göründü bana! Lakin tutub öz əhdimi Bən məhv etməliyim onu. (İstehzalı təbəssümlə) Tanrıdan xəbər gəldimi, Ararsın Xəttab oğlunu. (Məğrur və əzəmətli adımlarla uzaqlaşır) Ə b u T a l i b o ğ l u (sinirli) Ah, Peyğəmbərin bu helmi Həp düşmanları güldürür. Yoq, bu dərd yaqar könlümü, Çoq sürməz bəni öldürür. (Kəskin bir əzm ilə) Xayır, bən Xəttab oğluna Yüz verməm tüğyan eyləsin. Bıraqmam şu cəllad ona Güldən ağır söz söyləsin. (Sür’ətli və kinli adımlarla eyni yolu izlər) Bu sırada digər tərəfdən azğın yüzlü, canavar gözlü bir ərəb hənuz beş-altı yaşına varmış qızının qolundan tutub qızğın adımlarla məzarlığa doğru yürür. Ə r ə b Artıq usandım, gəl, yetər! Q ı z (acı fəryad ilə) Annəciyim!.. Ah, nerəyə? Ə r ə b Sən də bacın kibi gəbər! Qızlar məhkumdur hiçliyə! Q ı z (yalvarır) Aman, babacığım, aman! Ə r ə b Gəl, yetər!.. (Hiddətlə sürüklər) Q ı z (qorqaraq çığırır) Ah, annəciyim! Ə r ə b Gəl, ölümdür sənin cəzan, Artıq yoq fəzlə ətməyim. Q ı z Ah, bıraq, anamı bir də Görəyim, sonra vur, öldür. Ə r ə b Haydı sən dəf’ ol, gəbər də, O da həsrətindən ölür. (Boş məzarın içinə atar) Q ı z Ah! Ə r ə b (məzarın üzərini iki-üç böyük daşla qapar) İştə... Sus, yetər, bana Qız evladı lazım deyil. Q ı z ı n s ə s i Annəciyim... Ə r ə b (mütəəssir) Bədbəxt ana... Şimdi yavrusundan qafil... (Peşiman və məhzunca bir tevrlə əli alnında düşünür, sonra) Ah, nə duyğusuzmuş Tanrım, Bir gün taleyim gülmədi. Niçin, bilməm, niçin qarım Qız doğururkən ölmədi?! (Qızğın və sinirli) Xayır, bən oğuldan başqa Evlad istəməm, istəməm. Qız və qadın insanmı ya? Yoq, bən qıza evlad deməm. (Kinli adımlarla çəkilib gedər. O getdiyi kibi, S ə i d ilə X ə t t a b qızı təlaş ilə qapıyı açıb çıqarlar) X ə t t a b q ı z ı (Səidə) Aman, durma, nerdə olsa Peyğəmbəri get, ara bul! Ah, qardaşım onu bulsa, Hiç sağ bıraqmaz, əmin ol! S ə i d Şaşırma, ey Xəttab qızı, Qardaşın gərçi qəhrəman. Peyğəmbər o imansızı Bir sözlə susdurur, inan! X ə t t a b q ı z ı Hər işdə ehtiyat eyi, Get, xəbər ver evlərinə. Həmən get bul Xədicəyi, Zevcəsidir, bilsin yenə. (Peyğəmbər uzaqdan görünür) S ə i d (baqar) Çoq şükür, iştə kəndisi! (Xəttab qızına) Saqın, bir şey söyləmə, dur... Qayıbdan bir səs Annəciyim... X ə t t a b q ı z ı Çocuq səsi. Ah, bu səs nerdən gəliyor? S ə i d (təlaş ilə Peyğəmbərə yaqlaşır, əyilib əlini öpdükdən sonra) Aman, ey Tanrı elçisi! Bir cəllad arıyor səni. Qayıbdan bir səs Annəciyim... P e y ğ ə m b ə r Çocuq səsi. Qayıbdan bir səs Annəciyim... P e y ğ ə m b ə r Bu səs bəni Xərab etdi, ah, nə həzin!.. A n a (acı fəryad ilə qoşub gəlir) Aman, yavrum, mələk yavrum, P e y ğ ə m b ə r (xarab olmuş bir məzara yaqlaşır. Üzərindəki böyük daşı bir tərəfə çəkib baqar) İştə bir qız! Yardım edin, Yardımı əmr etmiş Tanrım. Ah, görünür diri-diri Məzarə gömmüşlər bunu. A n a Əvət xain bir sərsəri Məhv etmək istiyor onu. Səid məzara enər, qızı yuqarı qaldırır, Peyğəmbər yardım edib çıqarır. Of, yavrum... Q ı z Ah, annəciyim... (Qucaqlaşırlar) P e y ğ ə m b ə r (anaya) Dur, yüksəltmə fəryadını, Söylə, bən bilmək istərim Şu mə’sumun cəlladını. A n a Cəlladı iştə pək aydın, Kəndi alçaq babasıdır. (Yaralı bir ahəng ilə) Onca bir qız, ya bir qadın Uğursuz baş bəlasıdır. P e y ğ ə m b ə r (müztərib və həyəcanlı) Qadın, qadın?! Onu duymaq, duyurmaq istərkən Yaqar düşüncəmi bir şö’lə, bir zəhərli dikən. Bütün həyatı çiçəkləndirən fəqət o... niçin, Niçin əzilsin o, bilməm niçin sürüklənsin?! Qadın – günəş, çocuq – ay... nuri ay günəşdən alır Qadınsız ölkə çabuq məhv olur, zavallı qalır. Qadın əlilə fəqət bəxtiyar olur şu cihan, O bir mələk... onu təqdis edər böyük Yaradan. O pək sevimli, gözəl, incə, nazlı bir xilqət, Onun ayaqları altındadır fəqət cənnət: Qadın gülərsə şu ıssız mühitimiz güləcək, Sürüklənən bəşəriyyət qadınla yüksələcək... A n a Haydı, gəl gedəlim quzum. Q ı z Ah, babamdan qorquyorum. P e y ğ ə m b ə r Allah əsirgəsin, aman! Vəhşiləri keçdi insan. A n a Qorqma! O hiç görməz səni! Q ı z Görsə öldürəcək bəni. A n a Evdə yoq, bizi tərk etdi, Şimdi yol kəsməyə getdi. Qorqma, annən dilənir də, Verməz səni o namərdə. P e y ğ ə m b ə r Tanrı yardımçınız olur, Azğın cəzasını bulur. (Evi göstərir) Baq, şu evdə yaşayanlar Pək mərhəmətli insanlar... Bunlarda qan var, vicdan var, Yuca Tanrıya iman var. Burda qalın hər ikiniz, O cəlladı görməyiniz. A n a (qızilə bərabər Peyğəmbərin ayaqlarına qapanır) Allah səndən razı olsun. Peyğəmbər qollarından tutub qaldırır. S ə i d Gəlin, bir az rahat bulun. X ə t t a b q ı z ı Gəlin, hiç məraq etməyin. P e y ğ ə m b ə r (mə’nalı bir baqışdan sonra) Məhəbbətdir ən böyük din. İçəri girərlər. X ə t t a b q ı z ı (Peyğəmbərə) Aman, buyursanız siz də... P e y ğ ə m b ə r Xayır, bən getmək istərim... X ə t t a b q ı z ı Bir az saqlanınız bizdə, Qəzəblənmiş bəradərim... P e y ğ ə m b ə r (sözünü kəsərək) Lakin Tanrının qəzəbi Onunkindən daha müdhiş... X ə t t a b q ı z ı Ah, qorqarım, pək əsəbi, Bəlkə doğar çirkin bir iş. P e y ğ ə m b ə r Sən get, şu kimsəsizləri Avut, barındır, əkmək ver. Böyük Tanrı Peyğəmbəri Hər an bəladan hifz edər. Qadın onun əlini öpər, müztərib baqışlarla içəri girər və qapıyı qapar. Bu mənzərəyi uzaqdan görünən Nəim ilə Topal seyr edərlər. N ə i m Yazıq şu Xəttab oğluna, Peyğəmbərə kin bəsliyor. Həmşirəsi uymuş buna, Din içində din bəsliyor. Peyğəmbər dalğın adımlarla məzarlıqda bir daş üzərində oturub düşünür. Bu sırada qız, oğlan bir yığın çocuq aşağıdakı şərqiyi söyləyərək gəlir və hər parça bitdikdə əl çalar, oynarlar. Ç o c u q l a r Diyor göydə bağçalar var, Orda çiçəklər nur saçar, İnsan mələk kibi üçar... İstəməm, masaldır onlar, Bən vuruldum yalnız sana Vətən! Ah, sevgili ana! Dün bir quş gördüm yaralı, Düşmüş yurdundan aralı. Dişlərdi köksünü çalı, Söylərdi sanki hər halı; Vəhşi qartal qıydı bana, Vətən! Ah, sevgili ana! Bir qaç çocuq ıslıq çalaraq yerdən daş parçaları alıb Peyğəmbərə atar, o çəkilib getmək istərkən Baş kahin yanında birinci, ikinci, üçüncü rəis və iki kahin olduğu halda qarşı tərəfdən çıqarlar. B a ş k a h i n (Peyğəmbəri göstərir, istehzalı bir tevrlə) İştə əngin fəzaların Qəhrəman nümayəndəsi! İştə Latü Üzzaların Böhtançı bir xanəndəsi! B i r i n c i r ə i s Görünür bizdən bıqmış da, Şimdi başqa yol gediyor. Diriləri bıraqmış da, Ölülərə və’z ediyor. İ k i n c i r ə i s Tuhaf!.. Bən Xəttab oğlunu Sadiq bilirdim əhdinə. Hənuz sağ bıraqmış bunu, Əski keyfindədir yenə. Ü ç ü n cü r ə i s Qüsur yoq onda, hər kəscə Bəllidir ki, o pək cəsur... (Peyğəmbərə işarətlə) Bəlkə hərif sehr etmiş də, Yalnız ona görünmüyor. P e y ğ ə m b ə r Sus! Allahın Peyğəmbəri Pək uzaqdır o işlərdən. Onun sehridir sözləri Varmı qarşılıq söyləyən?! B a ş k a h i n (son dərəcə qızğın) Bilməm niçin sarsılıb da Göylər yerə dökülmüyor? Bilməm niçin savrulub da Şu dünya alt-üst olmuyor? Ah, o mə’budlar ki, bizə Altın verir, şöhrət verir, O bütlər ki, ölkəmizə Həyat verir, qüvvət verir; Hiç rəvamı dünkü yetim Onları təhqir etsin də, Biz kənardan seyr edəlim, O sağ qalsın yer yüzündə?! Bu sırada ətrafda qadın, çoluq-çocuq toplaşıb dinlər. P e y ğ ə m b ə r Xayır, aldanma, ey zavallı bəşər, Səncə qalibmi xeyrə fitnəvü şər? Əlverir qəflət, istəməz tüğyan, Səni er-gec həlak edər isyan. (Yerdən bir avuc topraq alıb havaya savurur) Sən nəsin? Iştə bir avuc topraq! Baq, düşün! Kibri at, qüruru bıraq. Əyri yoldan çəkil, fəsadı unut! Əvət, ancaq düşün də haq yolu tut. (Məzarları göstərir, qızğın və həyəcanlı) Var, səninçin də böylə bir gün var, Bir gün əldən çıqar şu altınlar. Həp susar tapdığın sənəmlər, əvət Yardım etməz güvəndiyin şöhrət. Həp sönər duyduğun şərəf, iqbal; Tanrıdan başqa hər nə varsa, xəyal!.. Ü ç ü n c ü r ə i s Arqadaş, söylənmə artıq Biz dinləməkdən usandıq. Vaz keç də sən bu sözlərdən, Qarşılıq hər nə istərsən: Altın, riyasət, gözəl qız, Hər şey verməyə hazırız. P e y ğ ə m b ə r Yoqsulluq ən böyük sərvət, Qarşımda hiçdir rəyasət. Xayır, istəməm, gözəl qız, Sevgilim Tanrıdır yalnız. Çünki ən son pənah odur, Ona tapanlar qurtulur. Hətta günəşi sağıma, Ayı soluma qoysanız; Fikrimdən dönəməm əsla, Bir qul yaşarmı Tanrısız? (Gedəcək olur) B a ş k a h i n Getmə, bir dur, ah, nerəyə? P e y ğ ə m b ə r Haqq əmrini yetirməyə; Kim eşitsə nicat bulur. Kim rədd etsə həlak olur, Haq sevən arqamca gəlsin; Korlar qəhr olub əzilsin. (Saymazca və məğrur adımlarla uzaqlaşır) B a ş k a h i n Ah, şu uğursuz sabei Yaqar bəni atəş kibi. (Camaata heyrət və hiddətlə) Həp baqar, həp susarsınız, İsyan etməzmi qanınız? Məzarlıqda yatanlarla Yoq sizin fərqiniz əsla. C a m a a t d a n – Ah, o xain məhv olmalı! – Şimdi cəzayı bulmalı! – Haydı, yoldan çevirməli! – Susdurmalı, öldürməli! Qadınlar və çocuqlar yerdən daş parçaları alır, Nəim ilə Topaldan başqa hər kəs gurultu ilə Peyğəmbər getdiyi tərəfə doğru yürür. Eyni zamanda göy gürlər. T o p a l Haydı gəl, biz də bərabər gedəlim, Gəl şu Peyğəmbəri bir seyr edəlim. N ə i m Fəzlədir bəncə şu yersiz həyəcan, Nə imiş sanki o bədbəxt insan... Ş ə m s a (Nədimə ilə bərabər gəlir) Bu nə, yahu, bu nə dəhşət əcəba? Sarsılır həp təməlindən dünya. N ə i m (müstəhzi) Göylərin elçisi me’rac ediyor, O böyük baş içimizdən gediyor. Ş ə m s a Nə demək? Anlamadım, söylə, nə var? T o p a l Verdi hər kəs onu e’damə qərar. Göy gurultusu kəsilir. Ş ə m s a (Nədiməyə) Pək yazıq! Gəl baqalım bir bu nə hal, Ah, o layiqmi ki, olsun pamal? (Sür’ətli adımlarla camaat getdiyi tərəfə gedərlər) N ə i m (istehzalı təbəssümlə Şəmsayə) Hiç təlaş etmə, o artıq getdi, Çünki göylərdəki tufan bitdi. T o p a l (qarşı tərəfə baqar) Şuna baq!.. N ə i m Kimdir o? T o p a l Xəttab oğlu! N ə i m (baqar) Nə də qızğın! Gözü al-qanla dolu... (Kinli baqışlarla gələn Xəttab oğluna) Bunca hiddət əcəba, söylə, nədən? X ə t t a b o ğ l u Onu öldürməyə əzm etdim bən, Kimə sorsam, buradan keçdi diyor, Ararım, yoq, görünür sehr ediyor. N ə i m (istehzalı təbəssümlə qafasını oynatır) Onu öldürmə, xayır, başqası var, (evi göstərir) Burda bir zevc ilə bir zevcə yaşar... X ə t t a b o ğ l u Şu qadın bəlli, bənim həmşirəm. N ə i m İştə Peyğəmbərə onlar məhrəm, Çıqmıyor hiç birinin gərçi səsi. Yeni din aşiqidir hər ikisi; Öncə onlardır, əvət, məhv olacaq... X ə t t a b o ğ l u (qılıcını yarıya qədər çəkər, son dərəcə sinirli) Sus, Nəim! Ah, nə diyorsun, bana baq! Kə’bə mə’budlarına and olsun, Doğru çıqmazsa sözün, məhv oldun! N ə i m Xayır, əsla; bana layiqmi yalan? (İstehzalı qəhqəhəylə) Şanlı Peyğəmbəri əl’an buradan, Baq, şu evdən çıqıyorkən gördüm. (Topal ilə bərabər uzaqlaşır) X ə t t a b o ğ l u (çılğın) Ah, ölüm! Onlara dəhşətli ölüm!.. (Qapıyı çalmağa başlar. Içəridən gələn xoş ahəng bir qadın səsi diqqətini cəlb edər, durub dinlər) E ş i d i l ə n s ə s Ulu Tanrı, o görünməz yaradan Əmr edər yalnız ədalət, ehsan. O, fəna işləri, föhşiyatı Nəhy edər, varlığının isbatı Şu təbiət, şu məhabətli fəza... Onca birdir: ulu, zəngin, füqəra. Qapıyı bir daha şiddətlə çalar. S ə i d ilə r ə f i q ə s i çıqar. Xəttab qızı əlindəki yazılı bir parça dəriyi həmən qoltuğuna saqlar. X ə t t a b o ğ l u (Səidə) Bana baq, doğrumu, əcdadımızın Bıraqıb dinini oldun xain? (Sükut) Niyə susdun, niyə susdun böylə? Şaşırıb durma, cəvab ver, söylə! X ə t t a b q ı z ı Fəzlə israr ediyorsun, yetişir. X ə t t a b o ğ l u (Səidə) Səni zənn etməz idim bunca həqir. (Qılıc parlar) İştə, al! (Araya girən həmşirəsinin başı yaralanır, fışqıran qan alnını və köksünü boyar) X ə t t a b q ı z ı Ah, yaralandım, eyvah! X ə t t a b o ğ l u Söylə, həmşirə! Bu söz doğrumu, ah?! X ə t t a b q ı z ı Doğru, pək doğru, əvət, Peyğəmbər Bizcə ən şanlı, böyük bir rəhbər… Onun Allahına iman etdik, Duyğusuz bütlərə isyan etdik. Qorqumuz yoq, eyi bil, hər ikimiz Haq için can ilə başdan keçəriz. (Köksünü açar) İştə öldür! Acıdan qurtuluruz, Qavuşub Tanrıya məs’ud oluruz. X ə t t a b o ğ l u (əvvəlki mətanəti söndüyü halda, həmşirəsinə) Bir taqım ayət oqurdun da dəmin, Onu göstər bana! X ə t t a b q ı z ı Olmaz! X ə t t a b o ğ l u Bu niçin? X ə t t a b q ı z ı Etmədin bəlkə riayət, hörmət. X ə t t a b o ğ l u Edərim. X ə t t a b q ı z ı And iç! X ə t t a b o ğ l u İnan! X ə t t a b q ı z ı İştə! (Yazılı dəri parçasını çıqarıb verir) X ə t t a b o ğ l u Əvət! (Şaşqın və vurulmuşcasına oqur) “Ulu Tanrı, o görünməz yaradan Əmr edər yalnız ədalət, ehsan. O, fəna işləri, föhşiyatı Nəhy edər, varlığının isbatı Şu təbiət, şu məhabətli fəza... Onca birdir: ulu, zəngin, füqəra”. (Sarsılmış bir halda) Nə ilahi, nə müqəddəs ilham! Duyduğum yoq şu fəsahətdə kəlam. Bəni əfv eylə, mələk həmşirəm, Doğru din... qalmadı əsla şübhəm. (Həmşirəsini qolları arasına alır və əlindəki məndil ilə yarasının qanını silər) Yaranı şimdi sarıb bən gedərim, O böyük dahiyə iman edərim. (İçəri girərlər) Azacıq sonra Peyğəmbər qana boyanmış və başı sarınmış olduğu halda Şəmsa ilə Nədimənin yardımı ilə gəlir. Ş ə m s a (Nədiməyə) Daha dur, bir qadar etsin rahət. P e y ğ ə m b ə r (əlini ağzına götürür, acı bir fəryad ilə) Dişlərim! Ah, qırılıb oldu səqət. (Böyük bir daş üzərinə oturur) Ş ə m s a (əlini onun omuzuna qoyaraq) Ağrıdır, bəlkə bir az sonra keçər, Ölmədin, iştə bu dünyayə dəyər. P e y ğ ə m b ə r Səni pək başqa tanırdım, lakin Bir mələkdən daha munis qəlbin. Duyğusuz bütlərə vurğun cühəla Daha xoşdur sana aciz qul ola. Ş ə m s a Latü Üzza səni qurtardı dəmin, Yenə təhqir ediyorsun, bu niçin? P e y ğ ə m b ə r (sinirli) Latü Üzzamı? Çəkil, sus, dəf’ ol! Ş ə m s a Uçurum – izlədiyin qorqulu yol. P e y ğ ə m b ə r Qorqu yoq, izlədiyim haq yoludur, Yaradan, öldürən ancaq bir odur. Hər nə mevcud isə xilqətdə onun, (Şəmsaya işarətlə) Bu gözəllik, bu lətafət də onun. Ş ə m s a Bana baq! P e y ğ ə m b ə r (əlilə rədd edər) Haydı, çəkil get, yetişir. Ş ə m s a (məğrur və istehzalı təbəssümlə) Bir gözəl bunca edilməz təhqir. P e y ğ ə m b ə r Bən gözəllərdə gözəl ruh ararım, Ruhu düşkünləri çirkin sayarım. Bir gözəl levhə ki, yapmış rəssam, Daha xoşdur ona məftun olsam. Tanrı eşqilə yanan haq nuru Səndə yoq, durma, çəkil get!.. Doğru, Zahirin xoşsa da bədbatinsin, Bu gözəlliklə, əvət, çirkinsin. Ş ə m s a (pək fəna sarsılır) Yoq, bu təhqirə dayanmam əsla. (Nədiməyə) Gedəlim. P e y ğ ə m b ə r İştə açıq yol! Ş ə m s a (hiddət və nifrətlə ətrafa) Budala! (Peyğəmbərə) İstədim bən səni məs’ud edəyim, Duymadın qəlbimi, artıq nə deyim? P e y ğ ə m b ə r Bəni haq düşmanı məs’ud edəməz, Tanrısız bir qızın eşqində nə həzz? Ş ə m s a Düşman olsam da sənin Tanrına bən, Sana hörmət duyarım, ah, bilsən! P e y ğ ə m b ə r (sözünü kəsərək əli ilə rədd edir) İstəməm... öylə məhəbbət, hörmət Doğurur bəndə tükənməz nifrət. Ş ə m s a (acı təbəssümlə Peyğəmbərə) Nə könül varmış, əvət səndə, nə hiss. (Nədimə ilə bərabər uzaqlaşır) P e y ğ ə m b ə r Saçların pək uzun, əqlin naqis. Ş ə m s a (dönər, məğrur və sərt bir baqışla) Naqis olsam da kəmalın bəndən, Varlığın, həm də zəvalın bəndən. (Gedərlər) Hava qararmağa başlar, Mələk nurlar və təbəssümlər içində Peyğəmbərin qarşısına enər. M ə l ə k Ey ulu Tanrı elçisi! Göydən sana müjdələr var. Yüksək mələklərin səsi Həp birdən səni alqışlar. Mübarək alnında açan Eşqin qanlı qönçələri; Çiçəkləndirəcək, inan, Ən parlaq səhifələri. Böyük dahilərin payı Həp olmuş mızraq, qılıc, oq. Onlardakı fırtınayı Susdurmaz daş, dikən, yumruq. Qorqma, söylə! Şəfəq sökər, Bir gün qaranlıq sıyrılır; Hər kəs qarşında diz çökər, Xain silahlar qırılır. İzlədiyin pənbə yıldız İssız bir hiçlikdən gülər. Səndən insanlara yalnız Sevgili, tatlı busələr. (Çəkilir) İ s k e l e t (boş məzardan çıqar, qorqunc və istehzalı qəhqəhələrlə) Busə, həp busə! Iştə şe’rü xəyal, Busə, həp busə! Daima bu sual?! Busə pək tatlıdır mələklər için, Sevgi xoşdur duyan yürəklər için. Busədən həzz edərmi bir qaplan? Sevgi anlarmı hiç zəhərli yılan? Qaniçən, kinli, möhtəris qartal Kirli dırnaqlarilə bulsa məcal, Qoparıb parçalar, didər, əsəbi Şu məhəbbətlə çırpınan qəlbi. Busədən xoşlanırmı hiç canavar? Vəhşi insan da öylə həp qəddar! (Əlindəki sıyrılmış qılıcı oynataraq) Boş xəyal... Əldə parlamazsa silah, Tanımaz haqqı sayğısız gümrah. İştə hər ölkə, iştə hər millət Həp qılıcdan alır şərəf, qüvvət. Parlar ancaq onunla izzəti-nəfs, Qaplar onsuz həyatı hüznilə yə’s, Son sözüm: boş düşüncədən ayrıl, Busə istərmisin, silaha sarıl. (Sürəkli qəhqəhələrlə çəkilir) P e y ğ ə m b ə r (yalnız) Ah, nə dəhşət, nədir bu sisli xəyal? Yenə rö’yamı gördüyüm, bu nə hal? M ə l ə k (tatlı təbəssümlərlə enər) Hiç məraq etmə, ey böyük rəhbər! Oqu altın kitabı, etmə kədər; Zəfər istərmisin, bu şəhri bıraq, Köç!.. Həmən başqa yurda köç!.. Ancaq O zaman sözlərin qəbula keçər. Yoq çıqan yerdə bir mətaə dəyər. Hər dəha başqa bir cihan istər, Kimsə olmaz evində Peyğəmbər. (Çəkilir. Hava ışıqlanır) Ə b u T a l i b o ğ l u (sür’ətli adımlarla gəlir. Peyğəmbəri qucaqlar) Bu nə? Ey fəxri-kainat, eyvah, Gözlərim kaş ki, kor olaydı da, ah! Görməyəydim şu halı... Söylə sənin Düşmanın hanki duyğusuz, xain?.. P e y ğ ə m b ə r Düşmanım varsa Tanrı düşmanıdır, Şu aqan qan da, iştə haq qanıdır. Ə b u T a l i b o ğ l u (əli qılıcının qəbzəsində titrər) Daha səbrim tükəndi, söylə, aman, Hərb için hökm yoqmu Allahdan? P e y ğ ə m b ə r Bəklə, dur! Hiç təlaşa yoq hacət, Xainin bir cəzası var əlbət. Bu sırada X ə t t a b o ğ l u evdən çıqar. Peyğəmbəri görüncə heyrətdən dona qalır. Ə b u T a l i b o ğ l u (sarsılmış bir halda qılıc çəkmək istər) Sağ bıraqmam, xayır, şu azğını bən! P e y ğ ə m b ə r (sərt və kəskin bir baqışla Əbu Talib oğluna) Dur! Unutdunmu Tanrı hökmünü sən? (Xəttab oğluna) Gəl, yaqın gəl, durub şaşırma, əvət, Bəllidir bəncə etdiyin niyyət. X ə t t a b o ğ l u (yaqlaşır) Nə imiş niyyətim? P e y ğ ə m b ə r Bənim ölümüm! X ə t t a b o ğ l u Əcəba yoqmu səndə qorqu? P e y ğ ə m b ə r Ölüm, Bəncə bir cismin inqilabı demək Həm də pək fəzlədir məraq etmək. X ə t t a b o ğ l u Titriyorkən bütün cihan bəndən, Bu cəsarətlə pək böyüksün sən. (Qılıcını çəkərək) Söylə, hər kimsə düşmanın gedəyim, Öc alıb bir vuruşda məhv edəyim. Baq, şu elmas qılıc bu gün ancaq Sənin uğrunda parlayıb duracaq. P e y ğ ə m b ə r İstəməm başqa dürlü yardım bən, Etiqad eylə tək o Tanrıya sən. X ə t t a b o ğ l u Haqdır, əlbət, inandığın Yaradan, Ona qəlbimlə eylədim iman. (Tə’zim ilə Peyğəmbərin əlini öpər, o da qarşılıq olaraq kəndisini öpüb qucaqlar) P e y ğ ə m b ə r (böyük bir sevinc ilə) Cümlə dünya verildi sanki bana, Versin Allahım əcri-xeyr sana. X ə t t a b o ğ l u (Əbu Talib oğlu ilə qucaqlaşıb öpüşür) Pək böyükmüş güvəndiyin qüdrət, Bəni, ey şanlı qəhrəman, əfv et. P e y ğ ə m b ə r Öpüşüb birləşin ki, hər ikiniz Haq yolun ən dəyərli rüknüsünüz. Dini-islamə yoq zaval artıq, Haqqı təbliğə başlayın apaçıq. Səid ilə X ə t t a b q ı z ı çıqar. Peyğəmbəri o halda görüncə təlaş ilə kəndisinə yaqlaşırlar. X ə t t a b q ı z ı Nə qiyafət bu, ah, aman, ya Rəb? P e y ğ ə m b ə r (göyə işarətlə) Həp Onun eşqidir bu halə səbəb. Ə b u T a l i b o ğ l u (Peyğəmbərə pək həyəcanlı) Hər nə zülm etdilər durub baqdıq, Şimdi yoq səbrə ehtiyac... artıq Çırpınır intiqam için könlüm, Ya zəfər, haq və ya şərəfli ölüm!.. P e y ğ ə m b ə r Daha dur, öylə bir düşüncə əbəs... Bu günün hökmü başqadır: hər kəs Xəbər etsin də kəndi bildiyinə, Başlayın cümlə yol tədarikinə. Gecə erkən beşər-üçər həpimiz Buradan ayrı-ayrı köçməliyiz. X ə t t a b o ğ l u Hazırız cəngə, gəlsə həp dünya, Bu təlaş anlamam niçin əcəba?! P e y ğ ə m b ə r Tanrıdan çünki böylədir fərman, “Köç!” Əvət “köç” diyor böyük Yaradan. Göy gürlər, qaranlıq çökər. İ s k e l e t (acı qəhqəhələrlə Peyğəmbərin qarşısına fırlar) “Köç!” Əvət “köç!” Fəqət unutma, saqın, Ərəb evladı şimdi pək çılğın... Rəhbərin əldə həp kitab olsa, Sana olmaz zəfər nəsib əsla. (Ridasının altından çıqardığı parlaq qılıcı Peyğəmbərə uzatır) İnqilab istiyormusun, bana baq! Şu qılıcdır o fikri parlatacaq. Xəstə bir üzvə bənzər amili-şər. Kəs də, bulsun şəfa vücudi-bəşər. P e y ğ ə m b ə r (qılıcı alır, mə’nalı və kəskin bir ahənglə) Əvət, ən doğru, ən gözəl ayin: Əhli-vicdanə – busə, xainə – kin!.. * * * Nüsrət NÜSRƏT Səkiz yıl sonra. Məkkədə baş rəisin evi, altın şamdanlarda rəngarəng mumlarla donatılmış, Mısır və Şam qumaşlarıyla süslənmiş, sandaliya və xalılarla göşənilmiş böyük bir qəbul odası... Sağda və solda birər qapı, qarşıda girilmək için basamaqlarla enilir geniş bir qapı və iki böyük pəncərə... Gecə... Iştirak edən əşxasın sima və qiyafətlərində səkizyıllıq bir dəyişiklik gözə çarpar. Iki xidmətçi – qara qul – ötəyi-bəriyi düzəltərək qonuşurlar. B i r i n c i x i d m ə t ç i Bana baq, arqadaş! Nə var, nə xəbər? Yeni mö’cüzmü yapdı kahinlər? Bu tədarik niçin, nədir bu təlaş? Söylə, anlat, deyilmiyiz sirdaş? İ k i n c i x i d m ə t ç i Yolçu varmış Mədinədən, əl’an Gəliyor baş rəis Əbu Süfyan. Məkkə əşrafı həp qadın, erkək, Onu bəsbəlli görməyə gələcək. B i r i n c i x i d m ə t ç i Şu səfərdən nədir murad əcəba? Görünür bunda var böyük mə’na. İ k i n c i x i d m ə t ç i Ya, səbəbsiz deyil əvət, bu səfər, Bir düşün, qaç yıl oldu Peyğəmbər Gündə bir hərb için qiyam ediyor, Gündə bir başqa macəra güdüyor. Qurtulub qaçdı Məkkədən, o zaman Ona bir çoqlar etdilər iman. Oldu yardımçı həp mədinəlilər, Bütün ətrafa şimdi hökm eylər. Baş rəis iştə ehtiyat edərək Getmiş, etsin onunla bir dərnək. Yapa ta öylə bir müahidə ki, Qalqa düşmanlıq ortadan, bəlki... B i r i n c i x i d m ə t ç i Çoq yazıq baş rəis əfəndimizə, Yüz verir hər zavallı kimsəsizə. Bu tənəzzül rəvamı sanki ona, Gediyor, gör, kimin ayaqlarına. İ k i n c i x i d m ə t ç i Saqın, aldanma, kimsəsiz deyil o, Var onun arqasında bir ordu. Hər nə əmr etsə cümlə baş vuruyor, Bütün ətrafı titrədib duruyor. B i r i n c i x i d m ə t ç i (yarı açılmış sağ qapıdan baqar) Pək mükəddər, fəqət, rəisə xanım, Gəliyor iştə, baq! İ k i n c i x i d m ə t ç i Bıraq, a canım! Nəmə lazım, həmən vəzifənə baq, Çabuq ol haydı!.. Yoqsa çoq qızacaq. (Hər ikisi məşğul olur. Rəisə gəlir, əyilirlər) R ə i s ə (birinci xidmətçiyə) Bana baq, sən bulun fəqət burada, Hər nə lazımsa, yap, baqıb durma! (İkinci xidmətçiyə) Sən də çıq, bəklə, gör nə var, nə xəbər, Hər misafir gəlirsə ol rəhbər. Bir də Şəmsa gəlirsə ixbar et, Bana gəlsin... İ k i n c i x i d m ə t ç i Pəki, baş üstünə... R ə i s ə Get! Xidmətçi çıqar. Dışarıda bayquş ötməyə başlar. O ötdükcə rəisənin halı dəyişir, getdikcə həyəcan və qorqusu artar. O nə? Hər an ötüb durur bayquş... Söylüyorlar o pək uğursuzmuş. Şu yaman səs bəni xərab ediyor, Bənliyim sanki məhv olub gediyor. (Bayquş təkrar ötər) Ah, nə dəhşətli səs, nasıl mənhus, Bəni daim bu səs qılar mə’yus. (Sağ qapıdan çıqarkən) Baş rəisdən gəlirsə bir müjdə, Vaqtı qeyb etmə, gəl, həmən bana de. Xidmətçi itaətlə tə’zim edər. Rəisə çıqdığı kibi, öndə ikinci xidmətçi olaraq birinci, ikinci, üçüncü rəis daxil olur, otururlar. Xidmətçi yenə geri dönər, digəri isə şərbət gətirir. B i r i n c i r ə i s Nə qaranlıq! Aman, nə yaslı gecə! Sanki göy bir siyah ipəkli peçə... Saqlıyor bizdən öz çiçəklərini, Süzülüb parlayan bənəklərini. İ k i n c i r ə i s Pək tuhaf, böylə sisli bir gecədə Baş rəis anlaşılmıyor, nerədə? Şu gecikmək bilinmiyor ki, nədən? O gəlib çıqmalıydı pək erkən. Ü ç ü n c ü r ə i s Bəncə bunlar keçib gedən şeylər... Ah, o, yalnız o düzmə Peyğəmbər, Dün bəlirsiz, ufaq qıvılcım ikən, Bir böyük yanğın oldu... bir hiçdən Yaradıb anlı-şanlı bir ordu, Bizi təhdidə başlamaqdadır o. Qapılıb gah Ömər siyasətinə, Güvənir gah Əli şücaətinə. Dinləyib həp Mədinə əhli onu, Sardı ətrafı, kəsdi Şam yolunu. Soydu, öldürdü, yaqdı, yıqdı bütün, Hərb açıb oldu daima üstün. Qorqaraq, xeyrü mənfəət umaraq Ona yeltəndi bir yığın alçaq. Qara xalq uydu cümlə də’vətinə, Kimsə şəkk etmiyor rəsalətinə. B i r i n c i r ə i s Pək tuhaf! Bilgisiz, müəllimsiz Bir çocuqkən nasıl da parladı tez. İ k i n c i r ə i s Görünür Şamə eylədikdə səfər, Ona vermiş düşüncə rahiblər. Ü ç ü n c ü r ə i s (əlilə onları rədd edər) Yoq, Əbu Talibin geniş çadırı Bəncə darülülumdan yuqarı... Orda alim, həkim, ədib və zərif, Ən böyük şair, ən dərin arif, Hər tərəfdən aqıb gələn səyyah Söhbət eylərkən... İbn Abdullah Kəsbi-elm etdi həp ağızlardan, Oldu bir dahi iştə dünkü çoban. B i r i n c i r ə i s (təəssüflə) Onu kim öldürürsə yüz dəvəlik Bir böyük sərvət, iştə və’d etdik. Məkkədən qaçdı... qaçdı qurtuldu, Sonra getdikcə həp zəfər buldu. İ k i n c i r ə i s (əli qılıcının qəbzəsində, qızğın) Bəncə hiç kimsənin qəbahəti yoq, Ah, əvət, bir bənim suçum pək çoq... Hanı ya? Siz də vardınız, bir gün Bir məzarlıqda pək öyündü... düşün, Susayıb Məkkə xalqı həp qanına, Qadın, erkək hücum edərdi ona. Etmədim bən tənəzzül öncə... faqat Sonra atdım beş-on dəyərli toqat. (Qılıcını yarıya qədər çəkər, təkrar qınına soqar) Bitirirkən qılıcla həp işini, Gəldi Şəmsa o anda tutdu bəni. Öncə pək qızdı, sonra yalvardı, Onu pəncəmdən aldı, qurtardı. Ü ç ü n c ü r ə i s Şu gözəl afətin də halı tuhaf; Həm saçar lütf, mərhəmət, insaf, Həm də kin bəslər, intiqam izlər. Ona rast gəlsə şimdi Peyğəmbər, Şübhəsiz kəndi məhv edər də onu, Mərhəmət duymadan içər qanını. Bu sırada dışarıdan i k i n c i x i d m ə t ç i gəlir. Şəmsa əzəmətli və məğrur adımlarla onu izləyərək daxil olur. Məclisdəkilər təmənna edər, o da yünülcə səlamlar və ikinci rəisi yarım baqışla süzərək sağ odaya, hərəmxanəyə keçər. B i r i n c i r ə i s Baq, günəş izliyor siyah gecəyi, Bu təsadüf, aman, nə xoş, nə eyi... İ k i n c i r ə i s Sisli xülya peşincə rəqs edərək, Parlayan şe’rə bənziyor o mələk. Ü ç ü n c ü r ə i s Bəncə müzlim bulutlar arqasına Saqlanan bir pəri qadar Rə’na... (İkinci rəisə) O keçərkən səhər nəsimi kibi, Səni pək süzdü, yoqmu bir səbəbi? İ k i n c i r ə i s Qəlbdən qəlbə şübhəsiz yol var, O baqışlar, aman, nə cazibədar! Doğurur hər könüldə bir həyəcan, Görsə hər kim, həmən qalır heyran. Ah o, ağ pənbə bir gövərçin ki; (istehzalı təbəssümlə) Ulu Peyğəmbərin bənimsədiyi Yuca göylərdə, baği-cənnətdə Bir mələk yoq şu hüsni-surətdə... Bayquş ötər. B a ş k a h i n arqasında camaat – qadın, erkək daxil olur. Məclisdəkilər tə’zim ilə yerindən qalqar. Yenə bayquş ötməyə başlar. Sükut... B a ş k a h i n (həyəcanlı) Nə fəlakət, bu nə dəhşətli zaman?! Dağılıb məhv olacaq sanki cihan. Gördüyüm qorqulu rö’ya nə bəla! Bayquşun ötməsi ondan da fəna. B i r i n c i r ə i s O nə rö’yadır, əfəndim, əcəba? B a ş k a h i n Ah, dəmin uyquya daldım odada, Bir də baqdım qarışıb durdu hava. Sarsılır ta təməlindən dünya, Gürləyib göy, çaqaraq şimşəklər, Yıldırım Kə’bəyi alt-üst eylər. Devrilib bütlərimiz həp birdən, Kül olub göylərə savruldu həmən. Sükut... B i r i n c i r ə i s (ikinciyə) Şübhəsiz bunda böyük mə’na var. İ k i n c i r ə i s Bəlkə gördüklərinin əksi çıqar. Ü ç ü n c ü r ə i s (arqadaşına) Kim bilir, bəlkə də uydurmuş onu. (Baş kahinə) Uyqudur, xeyir olur əlbəttə sonu. Öndə baş rəisin hərəmi və Şəmsa olaraq bir qaç xanım və Nədimə sağ qapıdan girər. Hər kəs əyilir. Sükut... Bu sırada x i d m ə t ç i y l ə bir k a h i n təlaş içində daxil olur. Baş kahinə tə’zim edər. B a ş k a h i n Nə xəbər? Söylə çabuq, söylə, nə var! K a h i n Kə’bədən şimdicə büt çalmışlar! B a ş k a h i n Hanki bütdür? O nasıl büt əcəba? K a h i n Böyük altın büt, əfəndim, hanya? (Rəisəyi göstərir) Onu yapdırdı xanım qaç sənədir. B a ş k a h i n (çılğın) Dilin-ağzın qurusun, sus, yetişir, O bizim tanrıların ən gözəli... Onu kim çalsa yaqındır əcəli... R ə i s ə Bu xəyanət, bu cəsarət, nə ağır, Xain, əlbət ki, cəza bulmalıdır. B a ş k a h i n Yarın erkəncə edilsin təftiş, Kimsənin həddi deyil, bəncə bu iş. Yenə ondan, yenə Peyğəmbərdən. Çünki casusları var hər yerdən. Tam səkiz yıldır o tüyğan ediyor, Həm də getdikcə müsəllət, məğrur... Son zamanlar susuyor gərçi, bunun Sonu bir fırtınadır pək coşqun... Baqa dursun da Qureyş evladı, Yarın əlbət yucalır fəryadı. (Acı təbəssümlə) Latü Üzzayı bıraqdıq məmnun, Bizə ar olsun, əvət, ar olsun. B i r i n c i r ə i s Baş rəis iştə yaqındır, gəlsin, Baqalım fikri nədir bizlər için. B a ş k a h i n Ah, kör olsun fələyin gözləri, kör, Nəyə varmış da Qureyşin işi gör. Başçımız sülhü səlamət güdüyor, Gör gedib kimlə müdara ediyor. İşə baq! Dünkü yetim, dünkü çoban Saçıyor aləmə dəhşət, həyəcan. Ş ə m s a (cəsarət və mətanətlə) Lakin əfsus o deyil dünkü yetim, Şimdi bir şanlı komandan, hakim! Hər siyasətdə müdəbbir və müdir, Bir həkim iştə o, bə’zən şair. Şər’ü qanunda böyük qüdrəti var, Güclüdür çünki, nə istərsə yapar. Ona hər gün gəliyor hey’ətlər, Yeni mə’budunu təqdis eylər. Bütpərəstlərmi fəqət? Hər yerdə Isəvilər də, yəhudilər də Ona iman ilə ağuş açıyor, Kimi qorqub da təməllüq saçıyor. Onu ilk öncə küçük sandıq biz, Halbuki şimdi təlaş etmədəyiz. Sükut... B i r i n c i r ə i s (Şəmsayı məftun və möhtəris baqışlarla süzən ikinci rəisə, xüsusi) Ona az baq... İ k i n c i r ə i s (məczub) Nə lətafət!.. B i r i n c i r ə i s Yetişir. İ k i n c i r ə i s Ah, o artıq bəni etmiş təsxir. B i r i n c i r ə i s Baqıyor həp sana məclisdəkilər. İ k i n c i r ə i s Of! Bu aqşam nə gözəl! B i r i n c i r ə i s Baqma, yetər! İ k i n c i r ə i s O nə halət, nə məhabət, nə cəmal? B i r i n c i r ə i s Topla bir kəndini, yahu, bu nə hal? Bayquş ötər, göy gürlər, sükut... R ə i s ə Ah, yenə o bayquş səsi, Bir fəlakət var şübhəsiz! Ah, yenə göy gürləməsi, Bunlar deyil təhlikəsiz! Latü Üzzanın qəzəbi Dünyaları titrətiyor. Hiç altın büt çalınırmı?! (Bayquş ötər) Ah, yenə bayquş ötüyor. Ş ə m s a Hər fəlakət ölkəmizə Yalnız bir yerdən gəliyor. Əvət, hər nə gəlsə bizə Həp Peyğəmbərdən gəliyor. Əcəl qanat gərib onu Qəhr edərkən bən qurtardım. Dişləri qırıldı, alnı Yaralandı da, bən sardım. Ah, əvət, bir zərbə daha Vurulsaydı məhv olmuşdu. Bən razı olmadım, yoqsa O çoqdan haqqı bulmuşdu. Acımasaydım bən ona, Əvət, bu gün sağ qalmazdı. Bəyəndiyi qadınlarla Zevqə, cünbüşə dalmazdı... İ k i n c i r ə i s (əli qılıcının qəbzəsində titrər və hiddətlə bağırır) Ah, əvət, ar olsun! Bizə Bütün dost, düşman gülüyor. Böylə sürüklənməkdənsə, Qəhrəmanca ölüm xoşdur. Qureyş evladına yazıq. Həpsi durub baqmaq istər. Ya şərəf, ya ölüm! Artıq Yetər şu miskinlik, yetər. B a ş k a h i n Ah, şu müqəddəs yurdumuz Düşmanlara oyuncaqmı? Üç yüz altmış mə’budumuz Bir Tanrıdan qorqacaqmı? K a h i n (yanındakına) Baş kahin yanıldı sanki, Nerdə şimdi üç yüz altmış. Birini çıqmalı, çünki Böyük altın büt çalınmış. Ş ə m s a (çılğınca və sinirli) Vətəndaşlar! Onun qanı Yalnız bənim boynumadır. Hiç təlaş etməyin, onu Bir qız öldürməyə qadir. İki gənc qardaşım, babam Onun əmrilə məhv oldu. Hiç unutmam, bir yıl tamam Anam saçlarını yoldu. Əvət, Əbu Talib oğlu Onun sözlərinə uydu. Qılıcdan keçirib qutlu Bir evi erkəksiz qoydu. Bunca qavğa əl vermədi, Yenə qan salmaq istiyor. Gizli hazırlanır şimdi, Məkkəyi almaq istiyor. İnsafmı əkinçi, səfil Mədinə xalqı yüz bulsun. Cəngavər Qureyşin əsil Evladına qalib olsun? Yoq, bən istəməm yurdumda Uğursuz bayquşlar ötsün. Qarğa, quzğun yapıb yuva, Bacalar dərd, ələm tütsün. Onu ölüm pəncəsindən, Hər kəs bilir, bən qurtardım, Yenə bən məhv eylərim, bən, İstəməm kimsədən yardım. Bu sırada T o p a l , x i d m ə t ç i n i n arqasınca məmnun qəhqəhələrlə daxil olur. Hər kəs onu şaşqın və məraqlı bir halda dinlər. B a ş k a h i n Nə var? Baş rəis gəldimi? T o p a l Xayır, başqa bir xəbər var. B a ş k a h i n Sən də artırma dərdimi, Söylə nə var, nə diyorlar. T o p a l (istehzalı qəhqəhələrlə) Aydın olsun gözləriniz, Çıqmış göylərə Peyğəmbər. Şimdi cənnətdə şübhəsiz Mələklərlə söhbət eylər. B a ş k a h i n Bıraq artıq kinayəyi! Açıq söylə! T o p a l Mədinədən Gələn var, o söylüyor ki, Bu günlərdə düşünürkən Peyğəmbərin başı dönmüş, Bir bayğınlıq gəlmiş ona. Sonra bir mum kibi sönmüş, Qavuşmuşdur Tanrısına. (Hər kəs məmnun) Ş ə m s a (təlaş ilə) Demək ki, ölmüş, öyləmi? T o p a l Əvət, köçmüş yer yüzündən. R ə i s ə Şükür, çoq şükür! (Topala) Ən eyi Bir töhfə var sana bəndən. Ş ə m s a Xayır, xayır, bu şad xəbər Hiç sevindirmiyor bəni, Könül başqa yolda istər Peyğəmbərin ölməsini. İntiqam atəşi bənim Hala qəlbimi yaqıyor. Alevli beynimdə daim Kinli şimşəklər çaqıyor. Gərçi gördüm də arqasız, Öncə yeni həyat verdim. Lakin şimdi onu yalnız Kəndim öldürmək istərdim. İ k i n c i r ə i s Öylə bil ki, sən öldürdün Yoq təəssüfdə bir səmər. (İstehzalı qəhqəhələr ilə) Halbuki Peyğəmbər bu gün Cənnət bağlarında gəzər. Orda yaqut, zəbərcəddən Möhtəşəm köşklər varmış. Bütün ətrafı gül bədən, Gözəl fəriştələr sarmış. Rəqs etdikcə huri-qılman, O həp kəndindən keçiyor. Elmas qədəhlərdə əl’an Gülgün şərablar içiyor. O halda, bilməm biz niçin Böylə nəş’əsiz baqalım? (Rəisəyə baqar) R ə i s ə (bir qıza) Qızım! Söylə, şərab gəlsin! (Qız içəri odaya keçər) İ k i n c i r ə i s (nəş’əli bir tevr ilə məclisdəki şəxslərdən birinə) Nə bəkliyorsun, a zalım? (Ud çalınır) Məzkur şəxs (ərəb məqamlarına uyğun atəşli bir ahəng ilə oqumağa başlar) Of! Yaqar könlümü bir dərin sızı, Yaralamış bəni bir pəri qızı. Bən bir çoban, o bir çoban yıldızı. Hər gecə busələr yollarkən ona, Uzaqdan göz qırpıb gülümsər bana. Aman, yavrum, çabuq qədəhlər dolsun, Məclis güllər açıb bir cənnət olsun. Mey sun, nəş’ə gəlsin, dərd unutulsun. Bəlalı aşiqim elimdən ayrı, Yaralı bülbülüm gülümdən ayrı. Mey sun, gözəllər içsin qana-qana, Ruhlarda qopsun atəşli fırtına. Gözlər süzülsün, saçılsın hər yana İncə qəhqəhələr gül dodaqlardan, Çılğınca busələr al yanaqlardan. X i d m ə t ç i (gəlir, həyəcanlı bir tevrlə Rəisəyə) Əfəndim! Şəhrin hər yanı Atəş, alev püskürüyor. Xalqın işdən anlayanı Əhvalı müşkül görüyor. B i r i n c i , i k i n c i , ü ç ü n c ü r ə i s iztirab və təlaş ilə qarşıkı basamaqlardan çıqar, ətrafa baqarlar. R ə i s ə Ah, şu uğursuz xəbərlər Həp qəlbimi parçalıyor. Hər kəs gəlir, bir söz söylər, İnsan bütün şaş qalıyor. B a ş k a h i n Bəlkə Mısırdan, ya Şamdan Gələn karvan atəş etmiş. B i r i n c i r ə i s Bən pək şübhələndim ondan, Xayır, bu pək qorqunc bir iş. R ə i s ə Ah, bəlkə qızmış da bütlər Yaqmaq istər ölkəmizi? İçəri gedən q ı z əlində qədəhlərlə dolu bir təpsi və şərab dəstisi gəlir, rəisə əlilə rədd edər. Şərab istəməz, şu xəbər Sərxoş etdi artıq bizi! (Qız geri dönər) Ü ç ü n c ü r ə i s Hər halda bir qasid gedib Kəndi gözilə görməli. Pək yaqından diqqət edib, Doğru xəbər gətirməli. X i d m ə t ç i (gəlir, tə’zim edər) Baş rəis təşrif etdilər. (Çıqar) R ə i s ə Şimdi hər şey anlaşılır. B a ş k a h i n Öylə ya, ən doğru xəbər Hiç şübhə yoq ki, ondadır. Baş rəis gəlir, hər kəs kəndisinə qarşı ehtiram ilə əyilir. Sükut... B a ş r ə i s Bilin, agah olun, ey əhli-vətən! Sizə bir müjdə gətirdim həqdən. Bəni kim dinləsə izzət bulacaq, Kim ki, rədd etsə peşiman olacaq. (Ətrafı saran atəşi göstərir) Şu böyük yanğını bir seyr ediniz, İştə bir ordu ki, hiç görmədiniz. Həpsi “qan”, “qan” deyə müştaqi-zəfər, Onların rəhbəridir Peyğəmbər. Onun ilk əmri budur: xaricdə Dolaşıb durmayacaq bir kimsə. Çəkilib evlərə, ya Kə’bəyə biz Dini-islamı qəbul etməliyiz. Kim inad etsə həmən məhv olacaq, Mal və evladına həsrət qalacaq!.. R ə i s ə (son dərəcə həyəcanlı) Sana yas tutsun anan, sus, daha sus! B a ş r ə i s Sən bağır, haq budur, əfsus, əfsus... (Camaata) Çarə yoq, çünki iş-işdən keçmiş, Seyr edib gördüyüm aləm müdhiş... Gecə-gündüz o hazırlıq yaparaq Bir böyük ordu çıqarmış parlaq. Yedi gündür yola çıqmış... birdən Şəhri sarmış həpimiz qafil ikən, Şimdi təhdid ilə “Haq bəndə”... – diyor Hər nə təklif olunur, rədd ediyor. R ə i s ə Ah, nə dəhşətli, fəlakətli xəbər!.. B a ş r ə i s Sən hərəmxanəyə get, haydı, yetər! R ə i s ə (Topala çılğın) Hanı uydurduğun abdalca yalan?! T o p a l (kəkələr) Qomşumuz söylədi, and olsun, inan! B a ş r ə i s (onun sözünü kəsər, camaata) Fəzlədir bəncə tərəddüd, yalnız Çalışın məsələ bitsin qansız! B i r i n c i r ə i s Qan dökülməkdə, əvət, yoq məntiq. Q a d ı n l a r (Rəisə və Şəmsadan başqa) Ah, aman istəyəlim... İ k i n c i r ə i s (əli qılıcının qəbzəsində, onlara) Qorqaqlıq... Etməsin sizləri əsla mə’yus. (Camaata kəskin) Başqa yol yoq, ya ölüm, ya namus! Ü ç ü n c ü r ə i s Pək böyük qüvvət ikən şimdi ona Qarşı qoymaqda, xayır, yoq mə’na. Ş ə m s a Hiç məraq etməyin, əl’an gedərim Bən... onun şərrini bən dəf’ edərim. (Məclisi tərk etmək istər) B a ş r ə i s (mane olar) Xayır, aldanma qızım, ən eyi yol: O böyük dinə inan, təslim ol! R ə i s ə (çılğın) Sən inandınmı? Dilin lal olsun! B a ş r ə i s (sinirli) Əvət... öl, çatla! Canın qurtulsun. (Kəndi-kəndinə dalğın) Ah, siyasət bunu icab etmiş. R ə i s ə Baş rəis, iştə rəzalət, getmiş, Gör kimin dinini bulmuş məqbul, Latü Üzza bunu eylərmi qəbul? B a ş k a h i n Ah, demək Kə’bəyə – bütlərdən iraq! Başqa bir Tanrı müsəllət olacaq... B a ş r ə i s (baş kahinə) İxtiyar! Sən də mi uydun qadına? Açayım həpsini dur şimdi sana. Bən onun dininə uydumsa, demək Bunda bir başqa səbəb olsa gərək. Bəlli ya, pək sevərim bən vatanı, İstəməm məhv edə düşmanlar anı. Sizi qorqutdumu Peyğəmbər adı? O da əlbət şu vətən evladı. Burda hiç bir yeni şey varmı? Yenə Qonacaqdır Qaradaş büt yerinə. Büt də bir daş, o da, adlar başqa... (İstehzalı qəhqəhədən sonra) Dünkü bütxanə bu gün beyti-xuda!.. Ərəbin var-yoqu dün nəysə, bu gün Olacaqdır daha yüz qat üstün. Bir Hicaz əhli deyil, hər millət Tökəcək Kə’bəyə altın, sərvət. Bıraqıb yurdunu həp ac, çıplaq, Sizə kor, duyğusuz ellər qoşacaq... Şimdi kərtənkələ yerkən bir ərəb, Sürəcək ömrünü püreyşü tərəb. Yurdumuz başqa səadət bulacaq, Səbəb ancaq şu böyük din olacaq... R ə i s ə (sinirli və qızğın) Şu böyük din?! Əvət ac bir yalavac Olacaqmış da bütün başlara tac. Alacaq həftədə bir tazə qadın, Sən də seyr eyləyəcəksin... şaşqın! Ş ə m s a Ah, o, “örtün” deyə əmr eyləyəcək, Həp qadınlıq qara çarşaf geyəcək... B a ş r ə i s Bu xəta doğdu gözəl Ayişədən, Ona isnad edilən bir ləkədən. Söylüyorlar ki, o sapmış da bir az, Əmr olunmuş ki, açıqlıq yaramaz. R ə i s ə Nə demək? Ayişə etmişsə xəta, Həp qadın aləmi batsınmı yasa? B a ş r ə i s İştə qanun! Nə vəzifən?! R ə i s ə Məcnun! Ş ə m s a (acı və istehzalı təbəssümlə ətrafa) Qəhrəman ol da, nə yapsan, qanun! R ə i s ə (qızğın) Zeydə “oğlum” der ikən, Zeynəbini Boşatıb alma da bir qanunmu? B a ş r ə i s O da qanun, o da qanun... daha sus! Şübhəsiz hikməti var... R ə i s ə (çılğın) Ah, mənhus! (Dışarıdan gurultu səsi eşidilir) B a ş r ə i s (birinci xidmətçiyə) Bu nə səs? Çıq da sorub anla, nə var! Görünür Kə’bəyə girmiş onlar. Birinci çıqarkən, ikinci xidmətçi sür’ətli və şaşqın adımlarla gəlir, əyilir. Nə için böylə şaşırdın? Nə xəbər? X i d m ə t ç i İştə təşrif ediyor Peyğəmbər. B a ş r ə i s Çabuq ol, söylə buyursunlar... (Xidmətçi tə’zim edib çıqar) R ə i s ə (sinirli) Əvət, Bayquşun ötməsi haqdır əlbət. B a ş r ə i s (ona) Sən hərəmxanəyə get, çıq, dəf’ ol! Rəisə öncə mütərəddid, sonra kinli baqışlarla sağ qapıdan çıqar. B a ş k a h i n (mə’yus, ətrafa) Daha yoq qurtulacaq hiç bir yol. Ş ə m s a (ətrafa kinli) Yoq, bu mümkün deyil əsla, əl’an İntiqam almalıyım bən ondan. B a ş r ə i s (camaata) Borcumuz yalnız itaət, təslim, O böyük qüvvətə hörmət, tə’zim... (Dörd-beş adım qapıya doğru yürür) Peyğəmbər belində qılıc, həmailində altın qaplı kitab, sağında Əbu Talib o ğ l u , solunda X ə t t a b o ğ l u , arqada iki mücahid bulunduğu halda daxil olur. Şəmsa ilə ikinci rəisdən başqa hər kəs ikiqat əyilir. B a ş r ə i s (tə’zim ilə) Mərhəba, ey ulu, haq Peyğəmbər! Sana gülsün əbədi fəthü zəfər. Məkkə səndən şərəf almaqda bu gün, Yeri var göylərə fəxr etsə bütün. Sükut... P e y ğ ə m b ə r O böyük Tanrıya binlərcə səna... Lütf edib əqlü zəka qullarına. Bəni qılmış sizə ən son rəhbər, O fəqət haq düşünən xalqı sevər. Etsə bir ləhzə təfəkkür birisi, Bəncə bin yıllıq ibadətdən eyi. Düşünün, oldunuz əvvəl qafil, Uydunuz bütlərə alim, cahil, Sarıb atəşli bəla şəhrinizi, Gəldi haq ordusu tə’dibə sizi. Qırılıb bütləriniz oldu hədər, Şimdi yoq Kə’bədə onlardan əsər. Dəyişib dünkü sənəmlər yatağı, Oldu Allah evi, vəhdət ocağı. Etsə yardım edəcəkdir əl’an Sizə yalnız o görünməz Yaradan. Qapanın səcdəyə hörmətlə bütün, O böyük eşqilə daim ögünün. Şəmsa ilə ikinci rəisdən başqa hər kəs səcdə edər. X ə t t a b o ğ l u (hiddətlə onlara) Əcəba varmı şu kibrin səbəbi? P e y ğ ə m b ə r Halbuki şəxsə şərəfdir ədəbi. B a ş r ə i s İştə gənclik, dəlilik... Əfv ediniz! Ə b u T a l i b o ğ l u Xayır, əsla bu deyil hikmətsiz. (İkinci rəisə) Sən cavab ver, nə demək bunca qürur? İ k i n c i r ə i s (istehzalı təbəssümlə) Səni bilməm ki, nə etmiş məğrur? P e y ğ ə m b ə r Bana baq, fikrini aç, söylə bana. İ k i n c i r ə i s Yoq sözüm, bən nə deyim şimdi sana, İştə, sözdən daha kəskin şu silah. (Qılıc çəkib Peyğəmbərə hücum edər, Əbu Talib oğlu dərhal biləyini yaqalar və qılıcı Peyğəmbərin ayaqlarına atar, Xəttab oğlu isə onu mücahidlərə təslim edər.) Ə b u T a l i b o ğ l u Sayğısız! Şimdi qanın oldu mübah! P e y ğ ə m b ə r Xain er-gec bulur əlbəttə cəza. X ə t t a b o ğ l u Haydı, çıq! Alçaq, ədəbsiz, budala! Mücahidlər götürürlər. B a ş k a h i n (Peyğəmbərin ayaqlarına qapanır, Şəmsaya işarətlə) Əfv edin, gərçi qəbahətli şu qız. P e y ğ ə m b ə r (onun qolundan tutub qaldırır) İxtiyarsın, səni qırmam, yalınız Sana hörmətlə qanından keçdim. Ş ə m s a (baş kahinə məğrur və acı təbəssümlə) Hiç təlaş etmə, əfəndim, şeyxim! Doğru... borcumdu gözətmək ədəbi, Şaşırıb durduğumun var səbəbi. P e y ğ ə m b ə r Nə səbəbdir o, məraq etdim bən. Ş ə m s a Səni gördükdə qanım dondu həmən, Qaldım artıq hərəkətsiz, bihal, Adəta qalmadı tə’zimə məcal, Nə için gizlətəyim hər kəsdən Daha ə’la tanıyorsun bəni sən. Ah, deyil Tanrına, hətta sana da Hazırım etməyə bu canı fəda! (Peyğəmbərin ayaqlarına qapanır.) P e y ğ ə m b ə r (göyə işarətlə) Səni əfv etdi o hüsni-əzəli, O, gözəldir, sevər əlbət gözəli. Şəmsa qalqar, təkrar tə’zim edib geri çəkilir. B a ş r ə i s (xidmətçiyə) Haydı, bal şərbəti təqdim ediniz. Ş ə m s a (Nədiməyə) Gəl də, yardım edəlim hər ikimiz. (Onlar da xidmətçilə bərabər sağ qapıdan çıqarlar.) B i r i n c i r ə i s (üçüncüyə) Ah, bu qız iştə bir afət, fitnə... Uymuyor sözləri hiç bir-birinə, Gah kin, gah pərəstiş... bu nə iş?! Ü ç ü n c ü r ə i s Bəlli, Peyğəmbərə dil vermiş imiş, Gərçi həp gənclər onun məftunu, O fəqət bəklədi yıllarca bunu. Uzaqdan dəhşətli gurultu və çarpışma səsləri eşidilir, sonra susar. P e y ğ ə m b ə r (Əbu Talib oğluna) Bən ki, hərb etməyə əmr eyləmədim, Bu nə çarpışma, nə səs? Baq gör o kim? (O çıqmaq istərkən bir mücahid içəri girər, tə’zim edər.) Nə imiş, söylə, bu hay-huy nə demək? M ü c a h i d Ordumuz Kə’bə önündən keçərək Yürüyorkən, bizə qırq-əlli nəfər Qılıc əllərdə hücum eylədilər. P e y ğ ə m b ə r Sonra!? M ü c a h i d Biz qarşı durub çarpışdıq, Onların həpsi əzilmiş artıq. P e y ğ ə m b ə r (göyə doğru) Ən gözəl, Tanrı nə istərsə odur, (Mücahidə) Get, saqın, olmayın əsla məğrur, Ediniz əfvi-ümumi e’lan. Dökməyin qan, veriniz xalqa aman. B a ş r ə i s Kəssə hər kim dökülən qan izini, Qurtaran dahi odur yer yüzüni. B a ş k a h i n Ən böyük din, əvət, eylər fərman: Daima ədlü məhəbbət, ehsan. B i r i n c i r ə i s (açıq duran sağ qapıdan baqar, üçüncü rəisə) İştə bir sirr... Ü ç ü n c ü r ə i s O nasıl şey əcəba!? B i r i n c i r ə i s Baqsana, gizlicə, dilbər Şəmsa Bir ilac atmada altın kasaya. Ü ç ü n c ü r ə i s Kim bilir, bəlkə zəhərdir, olur a... B i r i n c i r ə i s Bəlli!.. Peyğəmbəri təsmim edəcək. Ü ç ü n c ü r ə i s Şimdi duydum o pərəstiş nə demək. Xidmətçi təpsidə bir altın və bir qaç gümüş kasada şərbət gətirir. Ş ə m s a (altın kasayı Peyğəmbərə təqdim edər) İştə bal şərbəti! P e y ğ ə m b ə r (kasayı alır, mə’nalı bir baqışla süzər) Var bunda şəfa, Lakin əfsus, ətəşim yoq, əsla... (Şəmsaya) Bunu sən iç, daha məmnun olurum. B a ş r ə i s Bu şərəfdir sana, al, iç, yavrum! Ş ə m s a (kasayı alıb təpsiyə qoyar) Sonra içsəm eyi olmazmı? Ə b u T a l i b o ğ l u Xayır, Şimdi içməkdə nə mane vardır? Ş ə m s a İçəməm. Ə b u T a l i b o ğ l u (qızğın) İçməlisin! Ş ə m s a Ah, vaz keç! X ə t t a b o ğ l u (ətrafa şübhəli) Bir səbəb var... (Şəmsaya kəskin) İçəcəksin, al iç! Ş ə m s a İçəyim... ah, içəyim... (Əvvəl mütərəddid... sonra cəsarətlə içər. Bir qədər halı dəyişir.) P e y ğ ə m b ə r Dur, bu nə hal? B a ş r ə i s (Nədiməyə) Yardım et! Nədimə bir qızla bərabər Şəmsanın qolundan tutub sağ qapıya doğru götürürlər. Ş ə m s a (qapı yanında ölgün səslə) Söndü ümid, istiqbal... B i r i n c i r ə i s Daha biçarədə yoq hiss, idrak. Ü ç ü n c ü r ə i s (birinciyə xüsusi) Edəcək zəhr onu bir anda həlak. Ş ə m s a Of... aman... (Bayılıb təslimi-ruh edər. Xidmətçilərin yardımı ilə sağ qapıdan çıqarılır.) N ə d i m ə Bitdi... X ə t t a b o ğ l u Bu pək qorqulu sirr. P e y ğ ə m b ə r Bütün əsrarı fəqət Tanrı bilir. Sükut. Təpsidəki şərbətlər geri götürülür, xidmətçi girib əyilir. B a ş r ə i s Nə xəbər? X i d m ə t ç i Girmək için izn istər, Üç xaxam, üç də papas. B a ş r ə i s Gəlsinlər! Xidmətçi bir-iki adım yürür, dışarı tərəfə baqaraq əlilə “gəliniz” işarəti verir. Üç yəhudi, üç nəsara rəisi ruhanisi daxil olur. Peyğəmbərə tə’zim edərlər. B a ş x a x a m Yaşa, ey şanlı, böyük Peyğəmbər! Tanrı versin əbədi fəthü zəfər. Ordunuz saçdı bütün gözlərə nur, Musəvilər sizi təbrik ediyor! B a ş p a p a s İsəvilər daha məmnun, daha şad, Həpsi hörmətlə edərlər sizi yad. Çünki dökdürmədiniz zülmilə qan, Verdiniz xalqa ədalətlə aman. P e y ğ ə m b ə r Sizi, ey qövmi nəsara və yəhud! Əski dinlər edəməz pək məs’ud. Çünki xudkam idi Musayi-bənam, Məryəmin oğlu da pək digərkam. Biri güdməkdə mə’nafe, iqbal, Birinin dutduğu həp şe’rü xəyal. Biri əzməkdə bulur zevqü səfa, Biri həp duydu əzilməkdə şəfa. Bəncə əzmək də, əzilmək də, xəta, Haqqı sev, haqsızı dəf’ et! Zira Yaqışır haqqa məhəbbət, hörmət, Kinli cəllada ədavət, nifrət. (Bir əlində sıyrılmış parlaq qılıcını, digər əlində həmaildən çıqarılmış kitabı tutar.Kəskin bir ahənglə bütün camaata) Şu qılıc! Bir də şu mə’nalı kitab! İştə kafi sizə... Yoq başqa xitab. Açar ancaq şu kitab el gözüni, Siləcəkdir şu qılıc zülm izini. Haq, vətən, zevqi-səadət, cənnət Həp qılıc kölgəsi altında, əvət. O da bilgiylə fəqət qiymət alır. Bilgisiz bir qılıc er-gec qırılır. Kəsbi-irfan için erkək və qadın, Çalışın, qəbrə qədər həp çalışın. Gərçi xilqətdə bəşər birsə, yenə Eş deyil bilməyən əsla bilənə. Kişi irfan ışığından parlar, Şübhəsiz, bilgidə Allah gücü var. Əvət, arif düşünür, haqqı bulur, Aqibət kəndisi bir Tanrı olur. (Bu sırada billurin və ilahi bir ahənglə dışarıda əzan oqunur. Peyğəmbər qılıca dayanıb əzəmətli bir tevr ilə dinlər və məclisi dərin bir sükut qaplar.) Ə z a n s ə s i Allahu əkbər... Allahu əkbər... Allahu əkbər... Allahu əkbər... Əşhədu ən la ilahə illəllah... Əşhədu ən la ilahə illəllah... SON Qeyd – Şu əsərdə bə’zi cümlələr tırnacıq arasına alınıb da qailləri göstərilmək icab edərdi. Fəqət məzkur cümlələr bəlli şəxslər – yə’ni əsil qailləri tərəfindən söyləndiyi için fəzlə izahata ehtiyac görülmədi. H.C. * * * Kitabxana.az · https://kitabxana.az/collections/cavid-peygember İctimai mülkiyyət (müəllifin vəfat ili: 1941). Public domain (author died 1941). Original text only.