Qəzəllər Hüseyn Cavid (1882–1941) Məndən fələk ayırdı vəfapişə yarimi Məndən fələk ayırdı vəfapişə yarimi, Tar etdi zülfi-yar kimi ruzigarimi. Səbrim tükəndi, yox qəmi-hicranə taqətim, Hicri-nigar əlimdən alıb ixtiyarimi. Bir əhli-dərd yoxdu bu viranə şəhrdə, Tainki kəşf edim ona mən hali-zarimi. Dərdi-fəraq dəhrdə bir müşkül əmr imiş, Ya rəb, tükətdi taqətü səbrü qərarimi. Bəzmi-vüsalə məhrəm olan vəqtdə bilmədim, Məndən fələk kənar edər ol gülüzarimi. Bir aşiqəm ki, lalə sifət tuş qılmışam, Tiri-bəlayə mən bu dili-dağdarimi. Ya rəb, əsib səmumi-cəfa bir dəqiqədə, Qıldı əvəz xəzanə mənim növbaharimi. Başə əcəl yetişdi, fəraq öldürür məni, Bir görmədim o ahu baxışlı nigarimi. Hər kəs ki, Arifa, çəkib eşqin bəlasini, Mən eyləməz görəndə mənim ahü zarimi. * * * Qəlbimi çaldı yarın nazla məsiha nəfəsi Qəlbimi çaldı yarın nazla məsiha nəfəsi, Nə edim, yoxdu yazıq aşiqinin dadrəsi. Məni məftun eləmiş nazlı gözəllər daim, Bircə an da könülün eşqə azalmaz həvəsi. Kimə izhar eləyim dərdimi, öldüm qəmdən, Nə ürək qaldı, nə yarın mənə xoş söz deməsi. Vermişəm qəlbimi bir işvəli tərsa qızına, Ki çox aşiqlər ilə dolmuş onun dairəsi. Ona huri demərəm, huridə olmaz belə naz, Görməmişdir belə bir nazı bəşər silsiləsi. Qəlbimin Yusifini saldı zənəxdan çahına, Sanki bir bülbülü həbs etdi onun can qəfəsi. De yazıq Gülçinə məcnunluğunu tərk eləsin, Çünki Leyli dəvəsindən kəsilib zəng səsi. * * * Kitabxana.az · https://kitabxana.az/collections/cavid-qezeller İctimai mülkiyyət (müəllifin vəfat ili: 1941). Public domain (author died 1941). Original text only.