Cavid – Şeirlər Hüseyn Cavid (1882–1941) Ah... Yalnız sən! Ruhum, ey aşinayi-əsrarım! Həp uzaq, bəzmi-vüslətindən uzaq, Qürbət ellərdə təlxkam olaraq, Səni özlər də sızlayıb yanarım. Gecə-gündüz həyati-müztəribim, Sənin alami-həsrətinlə sönər. Fikrə gəldikcə həp keçən günlər, Daima çırpınıb durur qəlbim. Səndən ayrıldığım zaman o gözəl, Tatlı, süzgün baqışların guya Pək dərin bir sükut içində bana Demək istərdi: “Get, fəqət tez gəl!” Öpüb əmdikcə tombul əllərini, Ruhum ağlardı, iştə sən o zaman Oqudun gözlərimdə pürhəyəcan Bir əsirin sönən əməllərini. Sonra titrək, kəsik əda ilə sən Yalınız - get, saqın unutma! - dedin. Uça bilsən də şimdi bir gəlsən, Halımı seyr edib olurdun əmin. İştə! Həp nevbahara nəşə verən Qönçələr, nəğmələr, təbəssümlər, Al şəfəqlər, nəsimi-şuxi-səhər Bana biganə... ah... yalnız sən! * * * Bakıda Balaxanı neft mədənlərinə gedərkən, Məsud ilə Şəfiqə arasında bir müsahibə. Şəfiqə bir az xəyalpərvərdir, uzaqdan neft buruqlarını görüncə, sevinərək Məsuda göstərir. Şəfiqə Uzaq, uzaq, çox uzaq yerdə iştə bir orman! Nasıl da xoş, nə qədər şairanə sərvistan! Bax, iştə bax, nədir onlar? Nə söylədinsə yalan... Gəzib dolaşsa — deyirdin — bu şəhri bir insan, Çiçəkli bir kiçicik bağçadan əsər bulmaz. O sərvlər səni təsdiq içinmi? Ay qurnaz! Nədir o mənzərə? Bir bax, nasıl da cazibədar Ki, hər baxışda doğar qəlbə bir süruri-bahar. O sərvlikdə gəzənlər deyilmi həp məsud? Deyilmi — allah için söylə — həpsi vəcdalud? (birdən-birə heyrətlə) Dəyişdi bət-bənizin, böylə zəhrxəndinlə Nə söyləmək diləyirsən? Aman, çapuq söylə!.. Məsud Nə söyləyim, nə düşündünsə həpsi nəşəpəzir, Gözəl, sevimli, fəqət şairanə bir təsvir... Bu bir həqiqətə bənzər xəyali-müzlimdir Ki, pişgahi-nigahında şöylə dalğalanır. “Xəyal içində bəşər daima səadət arar. Həqiqətin üzü lakin, gülümsəməz, ağlar”. O sərvlər ki, uzaqdan sana təbəssüm edər, Bir az da yaxlaşalım: bax həmən təcəssüm edər: Önündə bir sürü dəhşətli, sisli abidələr Ki, daima saçar ətrafa kirli rayihələr, O sərvlikdə çayırdan, çiçəkdən iz yoxdur, Görürkən anlayacaqsan ki, həp bataqlıqdır. Gözəl, təmiz su bulunmaz, cəhənnəmi bir çöl... Ki zift axar, birikir, hər tərəf olur göl-göl... Bu “sərvlik” dediyin həp müləvvəs ehramlar, Çamurlu, hisli buruqlardır, öylə mənzərədar. Yığın-yığın bəşəriyyət o müzlim ormanda Yaşar, qoşar, çalışır zift içində hər yanda, Həyatı güldürəcək bir ümidə bağlanaraq, İş arxasınca qoşuşmaqda həpsi çırpınaraq. Bir az da yaxlaşalım, gör zavallı insanlar, Nələr çəkir yaşamaqçin! Nasıl yaşar onlar! Görüncə tab edəməzsən, acırsan, ağlarsan, Nədir bəlayi-məişət, duyarsan, anlarsan. Şəfiqə Xayır, o lövhəyi mən görmək istəməm, dönəlim... Məsud Fəqət neçin əcəba! Söyləməzmisən, gözəlim? Şəfiqə Neçinmi? Köksümü gəl dinlə, sonra halımı bil, Bax iştə, eylə tamaşayə varmı taqəti-dil? Birər-birər mənə anlatdığın o mənzərədən Könüldə hasil olur sadə, gizli bir şivən. Həmən dönüb gedəlim, məncə fəzlə seyr etmək. Yazıq!.. Bəlayi-məişət həyatı məhv edəcək. Ağır dəmirlərin altında həp əzilmək için Uzaq, fəqət çox uzaq, çox yabançı ölkələrin Fəqir, zavallı, səfalətkəşidə övladı, Qoşub gəlir iş için, həpsinin bu mötadı... Çoluq-çocuq, ana, həmşirə, qız, nişanlı, gəlin; Vətəndə həp gözü yollarda müztərib, qəmgin... Məlali-həsrətə düşgün kədərli ailələr, Bu gün, yarın deyə həp intizar içində mələr, Yarınkı gün, kimi məyus olub təvərrüm edər; Sönüb gedər, yaşamaz, cümlə kainatə küsər. Fəqət yaşar kimi, yəsü ümid içində yaşar, Soluq həyat ilə axşam, səhər yanar, sızlar. O binəvaları yad eylədikcə həp bunlar, Cəfayə, zəhmətə qarşı köküs gərib çapalar. Bu rəzmgahi-məişətdə yıpranır həpsi. O zift axan quyular onların əcəl qapısı... Səqətlənir çoxu qoldan, qabırğadan, beldən, Yarımcəsəd, yarıminsan qalıb düşər dildən. İkinci bir yeni zillət təməsxür eyləyərək Gülər zavallıya, bədbəxt adam nə yapsa gərək... Xayır, bu halı düşündükcə artıyor kədərim; O qanlı məzbəhə getməkdən ehtiraz edərim. O sərvlər nə imiş imdi anladım, bildim; Birər məzar daşıdır həp kədərnüma, müzlim. Uzaqdan öylə gözəlkən, təqərrüb etdikcə Xəyali, hissi üzər cangüza bir işgəncə. Xayır, bu kirli, müləvvəs mühitə mən varamam! Həmən çapuq dönəlim, hər şey anlaşıldı tamam. Məsud Fəqət çox aldanıyorsun, mənim gözəl mələyim, Düşündüyün gözəl, amma yanılma, sevdiciyim, Bu nəşəsiz, bu kədərza, bu müzlim aləmdən Ziyalanır bütün evlər, cahan olur rövşən. O zift axan quyular mənbəyi-səadətdir; Axıb gedən sular altundur, eyni sərvətdir. Bax, iştə həp o buruqlar birər böyük bütdür Ki, pişgahinə çox kimsə varmadan bükülür. Bu şəhr içində görüb duyduğun o hissi-nəşat, Bütün o dəbdəbələr, həp o anlı, şanlı həyat, Bütün o təntənələr, həp o süslü heykəllər Bu sisli, hisli buruqlarla iftixar eylər. Şəfiqə Əvət!.. O sərvətü saman içində zənginlər Kədər nə... bilməyərək istirahət etsinlər! Fəqət zavallı fəqir orta yerdə qəhr olsun, Zəhərli qazları udsun da yıpranıb solsun. Səbəb nə? — səhhətə düşmən — o nəmli yerlərdə Fəqir olan çürüsün!.. Haqqü mədələt nerdə? Məsud Bu anlaşılmayacaq bir suali-müşkildir Ki, həll edilməsi zənnimcə qeyri-qabildir. Bu fikrə qarşı nə mazi cavab verdi, nə hal; Sənin bu fikrini kəşf eylər ancaq istiqbal... * * * Bən istərim ki Bən istərim ki, gözəllər, bütün gözəlliklər Uzaq-uzaq, pək uzaq bir üfüqdə əylənsin. Uzaq və incə təbəssümlərilə şamü səhər, Həyatə nuri-səfa sərpərək çiçəklənsin. Gözəl mələksə... bulutlarda göy yüzündə yaşar, Uzaq, bəşərdən uzaq bir mühitə mail olur. Uzaq, bəşərdən uzaq, gizli bir fəzayə qoşar, Yaşar mələk kibi, xoş bir xəyali-məğfil olur. Əvət, uzaqda səadət var, eşqə hörmət var. Yaqın zəhərlidir, amma uzaqda cənnət var; Uzaqda var əbədiyyət ki, başqa nemətdir. Cihanı cənnətə təşbih edər də bir şair, Gözəl bir afəti bəzən mələk sanır, sevinir, Fəqət səadəti - aldanma, pək müvəqqətdir! * * * Bənim tanrım Hər qulun cihanda bir pənahı var, Hər əhli-halın bir qibləgahı var, Hər kəsin bir eşqi, bir ilahı var, Bənim tanrım gözəllikdir, sevgidir. Həzz etmədim firqədən, cəmiyyətdən, Zevq alamam hərbdən, siyasətdən, Bir şey duymam fəlsəfədən, hikmətdən, Bənim ruhum gözəllikdir, sevgidir. Gözəl sevimlidir, cəllad olsa da; Sevgi xoşdur, sonu fəryad olsa da; Uğrunda bənliyim bərbad olsa da, Son dildarım gözəllikdir, sevgidir. Gözəlsiz bir gülşən zindana bənzər, Sevgisiz bir başda əqrəblər gəzər, Nə görsəm, hanki bəzmə etsəm güzər, Həp duyduğum gözəllikdir, sevgidir. * * * Bilməm kimə? Çocuqluğumda eşitmişdim eşqin atəşi var, Diyordular ki, o hər hanki qəlbə düşsə yaqar. Bu incə söz o zaman pək tühaf gəlirdi bana, Gülümsəyib də diyordum: zavallı insanlar! Nasıl da hər sözə bel bağlayıb da aldanıyor? Nədən bu eşq, əcaba, xalqı eyləsin bizar! Bu yolda yansa da, qəhr olsa kimsə dönməz imiş!? Demək, bu öylə bir əfsanədir ki, əfsunkar! Şu sirri duymaq için uyqusuz qalıb, gecələr Düşüncə ruhumu əzdikcə eylədim israr... Şu vəqədən nə qədər keçdi bilmədim, bir gün Önümdə ərzi-vücüd etdi bir mələkrüxsar. Baqıb-baqıb duruyorkən sitəmli gözlərinə, Yaşardı gözlərim, oldum o gündən eşqə düçar. O gündən iştə bütün bənliyim əsir olaraq, Onun xəyali-bədiiylə bir təsəlli arar. Fəqət o nazlı mələk kimdi? Of, bilməm ki! O bir pəriyyi-səmavidi: şuxü cazibədar. Sən!.. Ah, əvət, o pəriçöhrə nazənin sən idin, Səninlə ruhuma ilham olundu həp əsrar. Nə var ki, bilməm o şahin baxışlı gözlərdə, Gəlincə xatirə qəlbimdə bin cərihə açar. Könül, bəlalı könül yadi-həsrətinlə sənin, Gözəl mələk, gecə-gündüz yanar, yanar, sızlar. Cihanda hər nə gözəllik təsadüf etsə bana, Gözüm fəqət səni izlər, səninlə nəşə duyar. Sən olmasan verəməzdim bən eşqə bir məna, Bu yolda sən bana rəhbərsin, eyləməm inkar. Bu yolda həp bana təlqini-hiss edən sənsin, Könül fəqət səni sevməkdə bir səadət umar. Əsiri-eşqini lakin unutma, insaf et! O bir təbəssümə qane... o bir xəyalə qoşar. Xəyal!.. Əvət, yaşatan yalnız əhli-halı odur, Yaşarsa bir könül, az-çoq xəyal içində yaşar. * * * Bir qızın son fəryadı, yaxud zindan guşəsindən bir səs Yürəkdə qaldı məramım, duyulmaz oldu səsim, Gözümdə qalmadı nur, ah, iştə son nəfəsim!.. Məzalim atəşi yaqdıqca qavrulur bədənim, Nə hali-müdhiş! Aman, son günüm bumuydu mənim!? Solub bahari-şəbabım, dəyişdi hər halım; Bu surətim, bu vücudum, bu dönmüş iqbalım. Bənimlə doğmuş imiş sanki iztirabü kədər!... Zamani-şəb... uyuyor hər kəs, istirahət edər. Bütün cihan uyuyor, bisəda, tüyurü vühuş, Nücumi-zahirə həp nimxab, həp bihuş... Sükunü heyrətə dalmış fəzayi-naməhdud, Təbiət aləmi olmuş da sanki xabalud. Bana ənis olacaq iştə bir soluq sima!.. Qəmər, bənim kibi müğbər, o şəbnəərd səma. Bənim kibi o da bixabü müztərib-əhval... Bənim kimi o da bitab, həm qərini-zəval... Bu fərqimiz var: o, varəsteyi-məzalimdir, Bənim nəsibi-həyatımsa zülm zalimdir. O bəxtiyardır, artıq əsarət anlamıyor, Gözəl-gözəl gəzinir, hürr yaşar o solğun nur. Fəqət, üzər bəni hər ləhzə bir vərəmli xəyal, Əcəlmi yaqlaşıyor? Ya nədir bu küskün hal? Nədir bu teyfi-məqabir gözümdə şöləfüruz!? Tükətdi səbrimi, ya rəb, bu hali vicdansuz. Xayır, xayır, yaşamam qeyri, ey kədərli həyat! Çəkil də get, bana rahət ver! İstəməm heyhat!.. Bən istəməm yaşamaq, hər ümidim oldu təbah, Ürəkdə qaldı bütün dərdü həsrətim, eyvah!.. Sən, iştə ey gecənin aşinayi-razi qəmər! Gəzib dolaşdığın afaqə eylədikcə nəzər; Güzərgəhindəki həmşirələr, xanım qızlar, Səninlə söyləşərək həsbi-hal edər, zinhar! Unutma, halımı aç söylə! Yalnız onlar için Bu can çəkişməyə verdim riza ki, bəlkə yarın Bu zülmü duymayaraq bəxtiyar olur onlar. Əvət, bu nəmli, işıqsız, bu kirli zindanlar Yerim deyildi, fəqət kəndim ixtiyar etdim, Bənim bu iştə vəzifəmdi. Əlvida!. Getdim. -Tiflis* * * * Bir rəsm qarşısında Həzin bir çöhrə, bayğın bir nəzər, suzişli bir mənzər. Geniş bir cəbhə, ülvi bir zəka, düşgüncə bir sima. Əvət, düşgüncə bir sima; fəqət pək nazlı, pək dilbər... Mənim ən sevdiyim bir lövhə, bir təsviri-pürməna, O dalğın gözlərə baxdıqca ruhum eylər istela, O gözlər hər baxışda fikrə yüz min rəmz edər ima. O lahuti baxışlar çox dərin, çox heyrətəfzadır. Nə hikmətlər arar bilməm ki əlvahi-təbiətdən? O solğun çöhrədə bir nuri-səfvət var ki, çox nadir... O, məncə, mürtəsəm bir lövhədir rəngi-həqiqətdən. Məhəbbət, ya səmimiyyət təcəssüm etsə aləmdə, Təcəlli eylər ancaq böylə bir ruhi-mücəssəmdə. Nə küskün bir nəzər, ya rəb? Nə məsumanə bir surət! Nə düşgün bir sehr, ya rəb? Nə məzlumanə bir fitrət! Gülərmi, bilməm ağlarmı? Bütün əczimlə heyranam, Fəqət bir nazənin sima ki, təqdisə şitabanam. Silinməz lövhi-qəlbimdən o nəqşi-nazənin, ölsəm; Ona ruhumla, vicdanımla məftunam. Neçin? Bilməm! * * * Bir zamanlar Bir zamanlar sənin pənbə kölgəndə Pək bəxtiyar idim, nazlı dilbərim. Hənuz bəxtiyarlıq duyulmaz məndə, Yalnız gülümsərdi məhzun gözlərim. Ayrılıq nə yaman dərd imiş, aman! Sənsiz halım gündən-günə pərişan, Vüslət dəmlərini anar də hər an, İzlər yollarını yorğun gözlərim... Sənsiz bütün duyğularım bunalmış, Zehnim, fikrim durmuş, həp dona qalmış, Uyqum çəkilmiş, könlümü qəm almış, Yalnız arar səni vurğun gözlərim. * * * * * * Bu gecə Dərin-dərin uçurumlar, vərəmli fırtınalar, Bütün-bütün sıqıb əzməkdə ruhumu bu gecə. Səninlə, ah, sənin yadi-həsrətinlə yanar, Yanar, səni anarım, dilbərim! Fəqət səncə, Bu bir həyati-müxəyyəl, həzin bir əyləncə... Gözəl mələk! Gecələr daima səmayə baqar, Qəmərdən, ah... o soluq çöhrədən səni sorarım. Onun ziyayi-rəqiqilə həp uçar, qalqar, Arar, bulur, səni dinlər kədərli duyğularım, Kəsik təranələrim, həp zəhərli qayğularım. Bütün cahan uyuyor, kainat həp dalğın... Məgər xəyali-bəidinlə ruhi-məcruhum, Qəmərdə birləşərək pək acıqlı, pək çılğın Bir iştiyaq ilə giryandır, ey mənim ruhum! Sizin üfüqdə qəmər böylə, pəkmi nazlı doğar? Nədən cəbini-lətifin səhabəpuşi-hicab!? Hirəmi-nazinə pərvaz edən şüai-nəzər Qalır zülami-təhəyyürdə münkəsir, bitab... * * * Çəkinmə, gül! Çəkinmə, gül! O lətif, incə, nazlı qəhqəhələr Simaxi-ruhumu öpdükcə məsti-zevq olurum. Şaqır-şaqır ötüşündən, ey əndəlibi-səhər! Bir etila duyarım, başqa bir səfa bulurum. Nədən şəfəqli bulutcuqlar öylə çöhrəndə Bir ehtizaz ilə nəşr eyləməkdə şəbnəmlər? Günəş gülər, bulut ağlarsa, ey mələkxəndə, Səmadə qevsi-qüzehlər saçar təbəssümlər. Bütün bir ömrə bərabərdir öylə hər gülüşün, Bilirmisin, gözəlim, ah, sən nə afətsin!? Bu abü tab ilə bir mevceyi-lətafətsin. Çəkinmə, gül! Ləbi-ləlin həyatı güldürsün; Şu halə qarşı bütün bənliyim qalır məbhut, Baq, iştə heykəli-camid qadar əsiri-sükut... * * * Çəlik qollar -(Bakı işçisinə)** Onlar, o çəlik qollar, o qollardakı qüvvət Saçmaqda quduz kinlərə dəhşət. Yox, bir daha görməz o çəlik qolları zəncir, Çıldırsa da hər qanlı cahangir. Tunc üzlü böyük dalğa! Sənin qüdrətin aydın, Düşmənləri daim heçə saydın. Qoş sülhə, çalış, aləmə qüvvətlə işıq ver, Çarpışmaq üçün əzmini göstər. Ey şanlı əmək ordusu, ey şanlı mübariz! Çoxlar səni zənn etsə də aciz, Sən yüksələcək, parlayacaq, parladacaqsan, Hər qütbə şətarət qatacaqsan. * * * Çiçək sevgisi Sevimli, nəşəli, dörd-beş yaşında bir sarışın, Mələk baxışlı, gözəl bir qız iştə oynayaraq Qoşardı bağçada... bir şey görüb də etdi maraq: — Əfəndim, annəciyim! Şöylə saçdığın nə? — Saqın, Quzum, ayaqlama! Bunlar çiçək toxumlarıdır. Səninçin iştə bir az sonra pənbə, mavi, sarı Gözəl çiçəklər açar həpsi; anladınmı? — Xayır, Xayır mən onları sevməm; mənimki pək ayrı, Bu yanda, bax bu kiçik yerdə ayrı olmalıdır. — Pəki, mələk çocuğum, hər toxumdan al da bir az, Bəyəndiyin yerə saç... Kəndin iştə qönçəyi-naz!.. Çocuqcığaz gülərək həp birər-birər ayırır; Bu çox gözəl, bu nasıl? — der, saçardı həpsindən, O imdi bir kələbək... hoplayır sevincindən. Bu vəqədən azacıq bir zaman keçib getdi... Gülümsəməkdə ikən şəms, o növərusi bahar, Təbəssüm etməyə üz tutdu büsbütün əzhar, Sarıb da bağçayı həp rəngə, nura qərq etdi. Fəqət o nazlı mələk nerdə?!. — İmdi yapyalınız, Dərin bir uyquya dalmış məzar içində o qız! * * * Çoban türküsü Açmasın çiçəklər, gülməsin güllər, Ötüşməsin şirin dilli bülbüllər, Dərdim çoqdur ellər, ellər, ay ellər! Yar-yar deyib gecə-gündüz ağlaram. Göz yola dikməkdən bağrım oldu qan, Bir xəbər yoq hilal qaşlı yarımdan, Yaralı könlümü olmaz oxşayan, Yar-yar deyib gecə-gündüz ağlaram. Gülməz, yüz bahar olsa, gülməz yüzüm, Yardan başqa bir gözəl görməz gözüm, Sanki anadan ayrılmış öksüzüm, Yar-yar deyib gecə-gündüz ağlaram. Öz yurdumda bir qəribdən seçilməm, Əsir kibi bir dost, bir yaqın bilməm, Cihan cənnət olsa, bir ləhzə gülməm, Yar-yar deyib gecə-gündüz ağlaram. Məcnun könül Leylasını unutmaz, Başqa bir gözəl dərdimi uyutmaz, Bir məsəldir: “Tərlan yerin sar tutmaz!” Yar-yar deyib gecə-gündüz ağlaram. Göy yüzündə görür-görməz hilalı, Keçər fikrimdən yarımın xəyalı, Dərbədər könlümün artar məlalı, Yar-yar deyib gecə-gündüz ağlaram. Xatirə gəldikcə mavi gözləri, Süzgün baqışları, tatlı sözləri, Dolaşırım dağı, daşı, düzləri, Yar-yar deyib gecə-gündüz ağlaram. Yosma dilbərim deyilmiş ədasız, Pək nazlıdır, amma deyil vəfasız, Nə çarə!? Eşq əhli olmaz bəlasız, Yar-yar deyib gecə-gündüz ağlaram. * * * Dəniz pərisi Hər tərəf nəşədar, hər yer şən... Yenə hər şeydə bir təravət var. Günəşin cilveyi-lətifindən Vəcdə gəlməkdə nevərusi-bahar. Dənizin səfheyi-səma rəngi Yenə elmasparələr saçıyor. Çırpınan ruh için oqur sanki Hər kiçik dalğa bir nəşideyi-nur. Pənbə şəmsiyyəsilə bir dilbər, İştə sahil boyunca sallanaraq, Süzülən pənbə bir qayıqda yüzər, Bir mələkdir ki, xabgahi-şəfəq... Mayıs oqşar da gül yanaqlarını, Bayılır, məsti-zevq olub titrər. Gah öpər möhtəris dodaqlarını Əndəlibanə tatlı zümzümələr. Ah... bilməm bu hüsni-xoşəlhan, Hanki qəlbin şüküftə qönçəsidir? Bu mələk qiz, bu nuri-xoşcərəyan Əcaba, bir dəniz pərisimidir!? -Kağızxanə.* * * * Dəniz tamaşası Günəş qürub ediyor; göy... mühitimiz gömgöy... Göz işlədikcə könül uçmaq üzrə çırpınıyor, Günəş qürub ediyor; göy... fəza, dəniz gömgöy... Uzaqda, yalnız üfüqlərdə var bir aləmi-nur. Bütün gözəlliyi həp sanki toplamış Yaradan, Dənizdə xəlqə nişan vermək istiyor əlan. Uzaqda bağçalar, əlvan çadırlar, ormanlar, Alevlənib də parıldar, gümüş sular çağlar. Mələklər əl-ələ vermiş uçar, qaçar, oynar, Mənəkşə, pənbə çiçək püskürür yanar dağlar. Qürubə qarşı dəniz səhneyi-lətafət olur. Qürubə qarşı dəniz başqa bir qiyamət olur. Çocuqkən, iştə gözəl xatirimdədir, gecələr Öyüb də cənnəti təsvir edərdilər... daim Maraqlanır, düşünürdüm: nədir şu bilməcələr? Yalanmı? Doğrumu? — derkən yanardı idrakım. Fəqət bu gün şu üfüqlərdə parlayan əlvan, İnan—diyor bana—cənnətdən etmə şübhə, inan! Günəş dalıb gediyor; köşkü andıran gəmimiz Uçar, uçar, qoca qartal qanatlarilə uçar. Dərin-dərin düşünürkən sönük baqışlı dəniz, Onun sükutunu yırtar da, min gürültü saçar. Günəş sönüb gediyor, ay həzin-həzin doğuyor, Hava sərinliyor, əsmərcə zərrələr yağıyor. Fəza, dəniz, bütün ətraf kölgə, həp kölgə... Köpük saçan gəminin ta ucunda bən tənha, Qoyulmuşum köpürən xızlı nəhri dinləməyə Ki, çağlayıb geri aqdıqca sarsılır dərya. Balıqlar oynaşaraq həp inadü hiddətlə Hücum edər, atılır arqamızca şiddətlə. Könül çocuq kibi seyr eylədikcə əylənərək, Şu tərs axıntıyı keçmiş həyata bənzətiyor. Baqıb-baqıb düşünürkən, dəniz çiçəklənərək, Dağıtdı fikrimi nagah bir şəlaleyi-nur. O, iştə özlədiyim, sevdiyim gözəl mehtab Ki, hər dəqiqə edər ruha gizli-gizli xitab. Qucaq-qucaq əritilmiş gümüş dənizdə aqar; Aqar da dalğalanır, cəzb edərdi hər nəzəri. Könül bu levhəyi duyduqca yüksəlir, qalqar, Uçardı göylərə, təqdis edərdi həp qəməri. Fəqət qəmərlə bərabər işıqlı yıldızlar, Parıldaşır, axışır, titrəşirdi xəndənisar... Əvət, əngin fəzadə ruh uçaraq, Kəşf edər sanki bir yığın məna. Kəhkəşan sütlü nəhri andıraraq, Əzəli bir kitab oxurdu bana. Göy, dəniz iştə bir-birindən uzaq, Eyliyor ayrı-ayrı cəlbi-məraq. Göydə bir bitməyən dərinlik var Ki, donar hər düşüncə heyrətdən. Uça bilsəydi bəlkə insanlar, Bir şey anlardı bəlkə qüdrətdən. Bu dərinlik, bu ölçüsüz boşluq Veriyor hissə, fikrə sərxoşluq. Bu dərinlikdə bir həqiqət var, Gizlidir gərçi kor beyinlər için; Lakin ülviyyətilə həp parlar, Bəllidir görmək istəyənlər için. Hər təfəkkür ki, istiyor cevlan, İştə bir bitməyən geniş meydan! Bu tamaşayə qarşı bir müddət Qapılıb getdi ruhi-müztəribim. Arıyorkən fəzadə bir qüvvət, Çırpınıb durdu nagəhan qəlbim. Dəli, sərsəm düşüncələr coşaraq, Göydə uçmaq dilərdi həp qoşaraq. Azacıq keçməmişdi... bir tufan Qoparaq, çıldırıb qudurdu dəniz. Baqdım oynar da sallanır hər an, Bir beşikdən seçilmiyor gəmimiz. Fırlamış bir gürültü ortalığa, Dalğa, həp dalğa, hər tərəf dalğa... Yuca dağlar qədər, əvət, qocaman Dalğalar gürləyib gəlir hər an. Gəmi sərsəmləyib şu fırtınadan, Bağırır, sanki istiyor da aman. Yüksəlir, yüksəlirdi ərşə qədər, Alçalır, alçalırdı fərşə qədər. Vardı hər gözdə bir təlaş əsəri, Qorqu çökmüşdü hər kəsin yüzünə. Öndə bir möhtəriz baqışlı pəri Düşünürkən, baqıb ala gözünə, Gördüm atəşli bir əməl saqlar, Ta uzaqlarda bir təsəlli arar. Bu həzin levhədən nədənsə bənim Sarsılıb ruhum inlər, ağlardı. Bora şiddətlə hayqırır daim, Göy gürüldər, dəniz də çağlardı. Yalvarıb haqqa dinli ya dinsiz, “Allah, Allah!” səsilə doldu dəniz. Bu keşakeşdə möhtəşəm, məğrur, Qoca, səksən yaşında bir sima, Ulu bir dağ mətanətilə vəqur Qoca bir türk edib namazı əda; Vird oqur, Haqqa eylər ərzi-niyaz, Bəlkə dağ sarsılır, o sarsılmaz. Onca təsiri yoq şu tufanın, Parlıyor qəhrəmanca nasiyəsi; Oqunur çöhrəsində Turanın Şanlı tarixi, keçmiş ənənəsi; Öylə daim mühib, ağır, düşkün Baqınırkən əzər mühiti bütün. Göydən ayrılmayan alevli gözü Saçar ətrafa şöleyi-iman. Budur ancaq duası, virdi, sözü: “Ey böyük Tanrı! Ey böyük Yaradan! Hər bəladən əsirgə yurdumuzu, Kamran eylə şanlı ordumuzu!..” Qara dəniz, 1912 * * * Dün və bu gün Dün səadətlə parlayan gözlər, Şimdi yəsü kədər nisar eylər. Dün təhəvvürlə gürləyən sözlər, Şimdi bir başqa macəra söylər. Dünkü xəndan könül bu gün sızlar, Dün sönən bir əməl bu gün parlar. Mərhəmətsizdir iştə köhnə fələk, Bəşəriyyətlə əylənir daim. Bəşəriyyətlə əylənir gülərək... Dünkü məhkum olur bu gün hakim, Dünkü bədbəxt olur bu gün məsud, Dünkü məsud olur bu gün mərdud. Başqa, pək başqa şimdi zevqi-cihan, Dünkü peymanələrdə qan coşuyor. Dünkü məmurələr bu gün viran, Dünkü viranələr bu gün məmur... Həp pozulmuş da dünkü peymanlar, Yeni dost olmuş əski düşmanlar. Yoq təbiətdə öylə bir qüvvət, Əbədi, həm də paydar olsun. Həp dəyişməkdədir bütün xilqət, Həp dəyişməkdədir həyatü fünun. Olmayan varmı inqilabə zəbun? Varmı sarsılmaz öylə bir qanun?! Seyr edin iştə kainatı bütün, Devrilir hər adımda bir əzəmət, Dinləməz dünkü hadisatı bu gün, Parlıyor hər dəqiqə bir hikmət. Hər qaranlıqda çırpınır bir nur, Hər həqiqətdə bir xəyal uyuyur. -Bakı, 1915* * * * Elmi-bəşər “Bir məktub münasibətilə” Bəradərimə: “Kəsbi-ürfan için, fəzilət için Durma, yüksəl!” deyirsən...İştə mənim Ən böyük, ən sevimli amalım, Qayeyi-məqsədim budur. Lakin, Nə için gizləmək gərək, yetişir... Nə qədər pürümidü biaram Gecə-gündüz çalışsam, uğraşsam Yenə ən son nəticə heçlikdir. “Aramaq, bulmaq, içtihad etmək, Arif olmaq...” deyirdin, iştə bu bir Ruhpərvər, sevimli xülyadir Ki, inanmaq əbəs... nasıl, nə demək. İstərəm anlayırmısan? Məsəla: İmdi yerdən səmayə doğru dərin, Çox dərin bir fəza təsəvvür edin, Yüksəlib bir bəyaz qanadlı hüma, — Tizpərvaz bir fəriştə kimi — Böylə dalsın onun dərinliyinə; Nə olar? Şübhə yox ki, şəhpərinə Bir rəxavət olar da müstövli; Yorulur, sonra çırpınır, bayılır, Sönər əvvəlki etila həvəsi; Uçamaz artıq, iştə son nəfəsi... Qafil insan da həp o fikrə əsir. Bəşəriyyət zavallı, çox məsum... Daima bir sərabə aldanaraq, Qoşuyor, sanki bir dəniz bulacaq, “Bilmək, öyrənmək” öylə bir uçurum Ki, onun intəhası yox, dibi yox... “Bilirəm” söyləyən də var pək çox. Nəmə lazım... o bir xəyalətdir. “Elmü ürfan” nədir, mən anlamadım, Çünki həp cəhlə doğrudur hər adım. “Bəşəriyyət kamalı buldu” denir... İştə bürhan! “Bu gün də bir qanun Kəşf olunmuş...” fəqət bitərmi zünun?! Bir həqiqət bu gün müsəlləm ikən, Onu mütləq yarınki hikmətlər Zəhrxəndiylə örsələr, zədələr, İki gün sonra eyni hikmətdən Daha çox şübhələr, tərəddüdlər Duyar insan, bu, iştə elmi-bəşər!.. * * * Eşq atəşi can yıxıyor Eşq atəşi can yıxıyor, Ürəkdən qanlar axıyor. Tale mənə yan baxıyor, Həm gülümsər, həm ağlarım. Gönül həp sızlar, həp inlər, Xəzan fəryadını dinlər. Anıldıqca keçən günlər Həm gülümsər, həm ağlarım. Hər səfada cəfa buldum, Açmadım saraldım-soldum. Sərbəst ikən əsir oldum, Həm gülümsər, həm ağlarım. * * * Ey ruhi-pürsükun! Ey bənliyimdə hakim olan ruhi-pürsükun! Ey ruhi-münfəil! Səni gördükcə həp zəbun; Gördükcə daima səni sərgəşteyi-zünun, Həp varlığım haman oluyor sanki tarümar. Sən bəxtiyar idin o zamanlar ki, büsbütün Bir şerü zevq içində yaşardın... Fəqət bu gün, Baq, ziştbin olub da nə buldun? Bir az düşün! Həp kainata qarşı nədir bunca iğbirar? Hər şey sənin gözündə bir əfsanə, bir yalan... Bir aldanış demək bütün alayişi-cihan. Sevmək, sevilmək, eşq, vəfa, xəndə ya fəğan - Bunlar da göstərişmidir, ey ruhi-sərədar!? Aldanmamaq; bu, səncə bu gün iştə son məraq... Guya sərabi-müğfil imiş həp yaqın, uzaq; Lakin yetər, şu halı bıraq, istəməm, bıraq! Əsla təhəmmül etməyə yoq bəndə iqtidar. Aldan bir az, yazıq sana!.. Qəhr olduğun yetər, Baq, aldanıb da çırpınaraq zümreyi-bəşər Daim qoşar ümidi-səadətlə bixəbər, Daim xəyal içində yaşar, həm də bəxtiyar... Çıq şübhədən, sükunu bıraq, aç da balü pər, Çırpın fəzayi-zevqi-şətarətdə pürzəfər, Qoş daima məhəbbətə, nifrətdən et həzər! Bədbin olub da kəndinə dünyayı qılma tar! Çırpın kədərlərinlə, sürurunla daima; Bəzən kədər, düşüncə, qırıqlıq da bir səfa... Sev, ağla, inlə! Bəlkə bulursun bir az şəfa, Çırpın xəyalü hiss ilə həp məstü biqərar. Bir nazlı çöhrə, ya düşünür bir həzin nigah, Bir giryə, bir təbəssümi-nazik, dərin bir ah, Bir şairanə mənzərə, bir qanlı hərbgah, Xoş bir şükufəzar və ya tazə bir məzar. Hər levhə bir həqiqəti söylər təranədir, Hər kölgə hissi oqşayacaq bir bəhanədir. Dünya nədir? O, iştə fərəhnakü münkəsir Bir aşiyani-zevqü səfa, bir xərabəzar... * * * Gecəydi Gecəydi... hər yeri sarımışdı bir sükuti-həzin, Donuq ziyalı fanarlar baxardı həp qəmgin. Yavaş-yavaş yürüyürdüm yolumla pürfikrət, Önümlə ərzi-vücud etdi bir soluq surət. O bir cavan idi, küskün baxışlı, həm yorğun; Vücudu xəstə, mükəddər, həyatı çox durğun... Kəsik nəfəslə yürür, söylənir də, inlərdi, O bir xəyali-bəid arxasınca titrərdi. Nədənsə cəzb eləyirdi o hər adımda məni, Həmən maraq ilə təqibə başladım izini. Onunla, iştə onun kölgəsilə çox məhzun Yürür,gedir, düşünürdüm; göründü bir balkon Ki, süslü pəncərəsi, şıq, ipəkli pərdələri, Nasılsa eylədi dilxun zavallı dərbədəri. Dayandı qarşıda, həsrətlə əşkbar olaraq, Həzin-həzin baxınıb söyləyirdi sızlayaraq: “Sən, ey sevimli mələk! Ah... zalım, ey zalım! Sən ey nədimeyi-ruhum, ümidi-iqbalım! Sən, iştə həp sən idin cilvəgahi-amalım, Keçərdi günlərim əvvəl səninlə şatirü şən. Nə oldu? Söylə, neçin böylə bivəfa çıxdın? Şikəstə könlümü bilməm neçin yıxıb-yıxdın? Neçin ümidimi məhv eylədin? Nədən bıqdın? Nədən atıb məni, əğyarə həmdəm oldun sən?! Mən eşqə uymaz, inanmazdım, ey pəriyi-səhər! O hissi məndə fəqət sən yaratdın... ey dilbər! Hüzur qəlbimi aldın da ömrüm oldu hədər, Tutuldum iştə o dami-bəlayə qafil ikən... Mənimlə hər gecə həmbəzm olub gülümsər idin, Məhəbbət olmasa aləm xarab olar der idin, Dodaq-dodaqda öpüşdükcə xeyli söz verdin. Nə oldu, üz çevirib, qaçdın aqibət məndən? Fəqət bahari-şəbabımda bir çiçək buldum, Qaçırdım əldən, onun həsrətilə məhv oldum. O sənsən ah...sən! Uğrunda bax nasıl soldum? Səninlə söndü həyatım, yanıb kül oldum mən. Gəl, iştə qəlbimi gəl yar, çıxar məhəbbətini! Gözəl mələk! Məni gəl qurtar, al əmanətini! Yetər, yetər!.. Çəkəməm qeyri-bari-firqətini, Qapında kəndim üçün qazmaq istərəm mədfən.” Zavallı gəncin o titrək püriştika səsini, Sükuti-leyli yaran nəşəsiz təranəsini Kim anlar, ah... ona kim etina edər? Heyhat!.. O aşiyanə girən şey fəqət süruri-nəşat... O infialı, o suzişli halı kim dinlər? Verir cavab ona ancaq sitəmli qəhqəhələr. Qopub gələn o şətarətli səs bir istiğna Ki, daima onu yaxmaqla həzz alır guya... O sərsəri, o səfil... onca fəzlədir yaşamaq, Yaşarsa, həp yanaraq yəs içində məhv olacaq. Sönük vücudu saçar hər dəm atəşin fəryad, Fəqət nə çarə! Əsərsiz bütün bu istimdad... Nəhayət, oldu rəhakari iztirabı onun Əlində patlayan atəşli bir cılız qurşun. Ayaqda durmaq üçün onda yoxdu tabü tavan; Sərildi yerlərə, lakin püriztirabü fəğan Deyirdi: “Yox daha səbrim, gecikmə, gəl, mələyim! Gəl, iştə, getməliyəm; əlvida!.. Gözəl mələyim!..” * * * Gəlin Of, nə yamandır süzgün baxışlar, Ay ipək talləri zərəfşan gəlin!.. Hər kəs gülər, hər kəs səni alqışlar, Yalnız mənim halım pərişan, gəlin! Getmə, dur, könüldə min həsrətim var, Söylənəcək dərdim, fəlakətim var, Səndən sənə gizli şikayətim var, Ey mələk ədalı, xuraman gəlin! Nədir suçum, məndən uzaq qaçırsan, Yabançı ellərə şənlik saçırsan, Röya kimi süzülürsən, uçursan, Bilməzsən ki, bağrım olur qan, gəlin! Nə söyləyim! Halım əyandır sana; Sən bir yana, bütün dünya bir yana. Sənsiz gülüstanlar zindandır mana, Ey cənnətdən bizə ərməğan gəlin!.. * * * Get! Bəni anlatma ki eşq, aləmi-sevda nə imiş? Bilirəm bən səni, get! Hər sözün əfsanə imiş. Get, gülüm, get, gözəlim! Başqa bir aşiq ara, bul! Duydum artıq sənin eşqindəki məna nə imiş!.. Bivəfasən, mələk olsan belə uymam daha, get! Kim ki uymuş sana, könlüm kibi divanə imiş. Yetişir, get! Bəni qəhr eyləmə, tərsa qızı, get! Anladıq şəfqəti-ayini-məsiha nə imiş! Səni bir sadədil, azadə mələk sanmış idim, Neyləyim!.. Ah... könül ruhuna biganə imiş. Səni təqdis edərək bir daha sevməm əsla, Nə imiş sanki bu eşq!? Aşiqi-şeyda nə imiş! Aləmi-zevqi-səfadən bana bəhs etmə, saqın! Bildik artıq bu cihan mülkü nə viranə imiş!.. * * * Görmədim Bilmədim, uydum şu məcnun könlümün fəryadinə, Eşqə dil verdim, bəladən başqa bir şey görmədim. Ruhi-məcruhum gözəllərdən vəfa bəklər yenə, Bən hənuz əsla cəfadən başqa bir şey görmədim. Görmədim əsla dikənsiz gül, qaranlıqsız işıq, Həp visali daima təqib edər bir ayrılıq, Söyliyorlar: “Daim zevqi-səadət var”, yazıq! Seyr edib boş iddiadən başqa bir şey görmədim. Gördüyüm hər müztərib simayə duydum mərhəmət, Yarə, həm əğyarə yar oldum da, sevdim bicihət; Aşina zənn etdiyim hər yüzdə heyhat!.. Aqibət Boş təməllüqdən, riyadən başqa bir şey görmədim. Hər məhəbbət bir xəyanət, hər gülüş bir hiylədir. Hər səadət rühü oxşar pək sönük bir şölədir. Bəlkə var səhvim? Fəqət gördüklərim həp böylədir... Görmədim, əsla bəladən başqa bir şey görmədim. * * * Hali-əsəfiştimalımı təsvirdə bir ahi-məzlumanə Hər kəs aləmdə bir bəlayə düçar Olur, amma mənim kimi olamaz. Künci-möhnətdə qalmışam naçar, Bu könül dərdinə dəva bulamaz. Qəmi-hicrilə biqərar olmuş, Çünki məhcur bəzmi-yar olmuş. Könlümün halını edər təsvir Ruyi-zərdimlə, çeşmi-xünbarım. Əhli-zövq istər eyləsin təqdir Ki, nasıl yar imiş mənim yarım. Hər kəsin zikri bəzmi-zövqü səfa, Virdim olmuş mənim də va əsəfa. Edər eşq əhli rəsmi-yarə maraq, Ehtimal alsın onla həsrətini. Yarım olmaz mənim gözümdən iraq. Bulmuşam çün könüldə surətini. Ürəyim rəngi-ərğəvan olmuş, Ərimiş laxta-laxta qan olmuş. Mənə layiq görürsə əhli-qərəz, Bənzədim yarımı çəmən gülünə. İstəməm versələr cahanı əvəz, Dağınıq zülfünün kəsik telinə. Deyəməm ki, nə dürlü zibadır, Xələt ol yarə qanlı dibadır. Yarələr cismi-nazəninindən Qızarır, sanki qönçeyi-güldür. Zəf məşhuddur cəbinində Məncə təsviri-halı müşküldür. Məhv olur fikr edincə cismü tənim, Aman allah! Odur mənim vətənim! Bir zaman bu vətən maarifcə Sayılırdı yer üzrə bir gülşən. Kəsbi-qəflət edib təsadüfcə İmdi olmuş libası qanlı kəfən. Get-gedə qabili-zəval olmuş, Ayaq altında paymal olmuş. Biz, həqiqət, zavallı yavrularız, Bu vətən bir sevimli validədir. Əbəs əğyardan vəfa umarız, Babamız yox ki?! Böylə haldədir. Bizə göz tikmiş ol vəfa kanı, Madərin yavrusilədir şanı. Ey vətən! Ey könül pərəstarı! Var ümidim, qüsurə baxmıyasan, Bizə tərcih edib də əğyarı, Buraxıb nari-hicrə yaxmıyasan. Səni bu halə saldı qəflətimiz, Daha əfv et, yetər nədamətimiz. Gülüyor həp tamam əhli-cahan Bu əsəfiştimali-halimizə, Aman allah! Nə dərdi-bidərman, Gəliyormiydi heç xəyalimizə. Bizi, ey yer! Yarıl da kamına çək! Eyidir bu həyatdan ölmək. Mayeyi-iftixarı ər kişinin Vətən uğrunda bəzli-himmətdir. Lafə baxmazlar, iştə hər kişinin İşi ayinəsində müsbətdir. Qeyrət istər ki, can nisar edəlim, Mədəniyyətlə iftixar edəlim. Daha məhv etdi artıq istibdad, Yıxdı zülm atəşinə canımızı. Oldu hər bir hüququmuz bərbad, Dinləməz kimsə əlamanımızı. Bu nə dəhşətli haldır, ya rəb, Biləməm ki, nədir bu halə səbəb. Ey vətən! Səndə parlayanda ziya Büsbütün əhli-qərb cahil imiş. İmdi bulmuş vüqu əksi-qəza, Əcəba, bu nasıl təqafil imiş? Kim təsəvvür edərsə bu hali, Varlığı hissdən olur xali. Bizi bu halə sövq edən biar Mütləqa xabi-cəhlə dalmış imiş. Bizi iğfal edən zaman əğyar Dövri-aləmcə mat qalmış imiş. İmdi qeyrət edərsə millətimiz, Yenə övdət edər səadətimiz. Hər şitai-bahari mövcib olur, Vardır əmniyyətim bu halə mənim, Yenə onlar ən əski halı bulur, Heç maraq etmə, nazənin vətənim. Mənə gəl! Gəl mənə, zavallı vətən! Heç unutmam səni bu halilə mən. Dəxi yad etmə bir də maftalı, Möhtəmil şahrahə yol bulalım. Hələ saçmaqda ol füyüzatı Ləməatilə feyzyab olalım. Vardır ümmid sübhi-iqbalə, Şəbi-hicranə yoxmu dünbalə?! * * * Hər yer səfalı, nəşəli Hər yer səfalı, nəşəli, hər şey tərəbnisar... Hər dəm gülümsədikcə günəş, məst olur bahar. Dağlar çiçəklə süslənərək səbzü dilgüşa... Quşlar ötər, sular aqıb ətrafa gül saçar. Seyr eylədikcə bən şu gözəl kainatı, həp Ruhum uçar, uçar əbədi bir səfa duyar. Cənnət qədər bu mənzərə möcüznüma...fəqət Həp bisəmər, deyilsə nəsibim visali-yar. Didari-yar, iştə odur cənnətim bənim; İnsan olan cihanda nasıl sevgisiz yaşar!? Həp sevgidir gözəlliyi insanə sevdirən, Məhrumi-eşq olunca gözəllik də can sıqar. Dünyada varsa devləti-cavid o, eşqdir; Olmaz sevib-sevilməyən ömründə bəxtiyar. * * * Hərb ilahi qarşısında Ey odlu şəhpərilə saçan zəhri-intiqam! Ey hərb ilahi! Ey sırıtan kinli əjdaha! Oldunsa bunca qəhrü fəlakətlə şadkam, Artıq bitir şu səhneyi, ey müftəris dəha! Endir şu qanlı pərdəyi, ey rəhnümayi-şər! Endir də bir qədər nəfəs alsın bəni-bəşər. Sarmış bütün cihanı həyahuyi-dəhşətin: Yalnız bəşərmi pənceyi-qəhrində sarsılan? Hakim havada, yerdə, su altında vəhşətin, Vəhşilərin də zülmdən olmaqda bağrı qan. Qaplanlar iztirab ilə hər an dilər aman, Qartallar iştə etmədə həp tərki-aşiyan. Ey şiddətü qəzəb savuran hamiyi-zəfər! Artıq yetər, usandı cihan, sən də bir usan! Tərk et şu qanlı torpağı, artıq çəkil, yetər! Hər kəs didişmədən yorulub şimdi ruh açan Azadə bir havada çiçəklənmək istiyor, Pək tatlı bir ümidlə əylənmək istiyor. Şərr olmadıqca xeyrə qavuşmaq məhal olur. Qəsvətli, sisli hər gecədən bir günəş doğar. Hürriyyət öylə nazlı bir afət ki, pək vəqur, Qan aqmadıqca kimsəyə gülməz o işvəkar. Zatən bu, köhnə yurdumuzun köhnə adəti, Hər tanrının qan içməyə var hüsni-rəğbəti. Zülmət dağıldı, zülmü fəsad oldu payimal, Hər yerdə sanki haqqü ədalət gülümsüyor. Al bayrağın qanatları altında, pürməal Hər çöhrə, hər dodaq saçıyor ləmə-ləmə nur. Hürriyyət? Ah, o bəncə fəqət tatlı bir xəyal... Dünyada varmı hürr əcaba? İştə bir sual!.. * * * Hərb və fəlakət Uçar, uçar, yenə ruhum diyari-hüznə qoşar; Uzaq, uzaq, çox uzaq bir mühit içində yaşar. Soğuq, soğuq!.. Gecə keçmiş, bütün cihan susmuş, Uzaqda inliyor ancaq zavallı bir bayquş. Gözümdən uyqu çəkilmiş də çarpıyor qəlbim, Nədənsə bilmiyorum, ah, xeyli müztəribim. Önümdə dalğalanır teyflər, qızıl qanlar, Başımda patlıyor atəşli, sisli vulkanlar. Təcəssüm etmədə qarşımda bir cihani-ələm, Dönüb də tərsinə guya yanar bütün aləm. Yığın-yığın bəşəriyyət ölümlə pəncələşir, Fədayi-nəfs edərək haq üçün qoşar, güləşir. Yakar, yıkar, əzilir, məhv olur, basar, basılır, Vətən yolunda ölür, öldürür, asar, asılır. O top, tüfəng, o qılıclar, zəhərli qumbaralar, Nə istər, ah, niçin böylə gürləyib parlar!?. Nədir şu qəhrü fəlakət? Nədir bu qəhtü qəla? Nədir şu kinü ədavət, nədir bu dərdü bəla? Aman, nə mənzərə! Duyduqca sarsılır vicdan. Nə dəhşət, ah!.. Düşündükcə çıldırır insan. Təməddünün sonu vəhşətmidir, nədir əcaba?.. Xayır, xayır... nə diyor baq ricali-bəzmara; Siyasət ərləri gür-gür gürüldiyor hər an, Böyük səadət umar həp şu qanlı fırtınadan. Bütün şu vəlvələ onlarca bir bəşarətdir, Yarınki bayramı təbrik için işarətdir. “Böyük, küçük, qara, ağ, həp xristian, islam, Şəhərli, köylü, maarifpərəst, cahili-tam. Bütün bəşər nə hüquq istiyorsa, həp alacaq; Qəvi zəif ilə bir yerdə kamran olacaq...” Demək ki, qalmayacaq zülmdən cihanda nişan... Aman,nə tatlı bir əfsanə, həm nə süslü yalan! Əvət, bu nəşəli, həm şairanə bir xülya, Xəyalə, hissə pək uyğun, sevimli bir röya... Bu tatlı hiss ilə həp ənbiya, bütün ürəfa, Fünuni-fəlsəfədən zevq alan böyük üdəba, Zəif için didinib, çırpınıb yorulmuşlar, Fəqət nəticədə həp əski halı bulmuşlar. Qucaq-qucaq edilən tatlı vədlər pək çox; Saqın inanma! Yalan... Yoq, zəif için haq yoq!.. İnanma! Aciz için yoq hüquq, inanma xayır, Cihanda haq da, həqiqət də həpsi qüvvətdir. - Bir zamanlar şərəfli Turanın, O cihani ğiryui qavğanın Qəhrəman, bir güzidə evladı, Türklərin anlı-şanlı əcdadı, Saldırıb titrətirdi yer yüzünü, Hökm edər, dinlətirdi hər sözünü, Nə zaman kişnəsəydi türkün atı, Qırılırdı bir ölkənin qanatı. Həp krallar, prenslər, xanlar, Ulu şahlar, kibirli xaqanlar, Papalar, həp xəlifələr hər gün, Diz çökərlərdi türkə qarşı bütün. Çünki parlardı ərlərin qılıcı, Həpsi qartal kibiydi saldırıcı. Həpsi bir zevq alırdı qüvvətdən, Ululuqdan, müzəffəriyyətdən. Bunu gördükdə qomşu devlətlər, Məmləkətlər, zavallı millətlər, Həp boyun bükdü, türkə yalvardı, Mərhəmət gördü... canı qurtardı. Sonra lakin bu mərhəmət, bu aman, İştə tarix!.. Türkə verdi ziyan. Qavrulub əski sızlayan yaralar, Fışqırıb durdu odlu qumbaralar. Mərhəmətkarı mərhəmətlə degil, Qəhrü şiddətlə qıldılar tənkil. Böylə dəhşətli, qanlı mənzərələr, Hər zaman eyləməkdə cəlbi-nəzər. İştə bir levhə! Görmək istərsən, Baq da gör!.. Ah bir baqıb görsən?! O şəhamətli türkün evladı, Şimdi topraq yiyor da, fəryadı Çıqmış əflakə, həp yanar, sızlar. İştə baq! Yavrular, xanım qızlar Titriyor pənceyi-fəlakətdə, Həp ölüm qarşısında, zillətdə... Həpsi avarə, həpsi ac-çılpaq, Həpsi biçarə... Baq, gözündən iraq?! Həpsi qan ağlıyor da zaru-zəbun Həpsi qardaşca bir nigah arıyor, Bir kömək, bir pənahgah arıyor. Dinləyən kim... fəqət o fəryadı? Avutan kim... o qəlbi-naşadı? Nə fəlakət bu, həm nasıl müdhiş!? Ah, ölüm ən böyük səadət imiş... - Arqadaş, yoldaş! Ey vətəndaş, oyan! Yatma artıq, yetər... Dəyişdi zaman; Sıyrılır, bax, yavaş-yavaş zülmət, Barı dan yıldızından al ibrət! Nə diyor baq o pənbə çöhrəli nur? Səhər olmuş, demək günəş doğuyor. Azacıq varsa hissü vicdanın, Qalq, oyan! Sönməmişsə imanın. Qalq, oyan! Gör nə fikrə xadimsin? Kimlərin oğlusan? Nəsin? Kimsin? Sürünüb durma böylə, bir yüksəl! Bir düşün, gör beş-altı əsr əvvəl Nə idin? Şimdi nerdəsin? Bu nə yəs? Əcaba, yoqmu səndə izzəti-nəfs? Bir qədər sərxoş oldun, iştə yetər, Diksinib bir ayıl da gör nə xəbər!? Adəm evladı qol-qanad açaraq, Çarpışır yerdə, göydə od saçaraq. Yetişir, haydı zəfi, əczi buraq! Qan, alev püskürən mühitinə baq! Baq da bir an təsəvvür et yarını, Daha sürətlə at adımlarını! Kim baqıb dursa, bil ki, qeyb edəcək, Ayaq altında məhv olub gedəcək... Sürüsündən kənar olan qoyunu Canavar parçalar görüb də bunu. Dona qalmaqda varmı bir məna? Bunca zillət yetişmiyormu sana!? Çoq əzildin, yetər, ər oğlu ər ol! Çırpınıb çareyi-xilas ara, bul! Qoşaraq nura, cəhli et pamal! Həp sənindir şərəf, ümid, iqbal. Şaşırıb durma böylə... Bir aydın İdeal arqasınca qoş, çırpın! İdealsız nicat ümidi-məhal... “İttihad!” İştə ən böyük ideal! Səni qurtarsa, qurtarır birlik, Çünki birlikdədir fəqət dirlik!.. * * * Hübuti-Adəm Deyirlər bir zaman Adəmlə Həvva Yaşarmış rövzeyi-cənnətdə tənha. O bir məva ki, biganəyiz biz, Bu torpaqdan uzaq, qəmsiz, kədərsiz. O bir məva ki, ruhani, münəvvər, Uçarmış orda zərrinpər mələklər. O bir məva ki, nəşr eylər sərasər Əməllər, nəşələr, güllər, çiçəklər. Gözəl, asudə bir məvayi-sevda; Geniş, azadə bir səhrayi-xülya. Xəzansız bir baharistani-cavid, Ki solmaz orda əsla bərgi-ümmid. Fərəhdən ağlar insan bəlkə, bilməm! Bulunmaz orda lakin hüznü matəm. Əvət, bir öylə xoş məvadə tənha, Yaşarmış qayğısız Adəmlə Həvva. Yaşarmış məstü şeyda, şadü xəndan; Yaşarmış vəqfü-sevda, safü üryan. Deyilmiş süs geyim onlarca adət; Fəqət geydikləri bir tül ki, iffət. İki dildadei-zövqü şətarət, Olub vüslətgüzini-bəzmi-ismət; Gülümsər daimi bir sur içində, Yaşarkən öylə nuranur içində, Hücum etmiş də süfli ehtirasat, Qabarmış adəmiyyət hissi... heyhat! O ülviyyət, o ülvi sərmədiyyət Zəbuni-ehtiras olmuş nihayət. Nəhayət, incə bir vəhşi təmayil, O ülvi eşqi etmiş məhvü zail. Birər heykəl kimi məbhutü heyran, Hicab altında qalmışlar hərasan. Sararmış bət-bəniz, uçmuş təravət; Hücum etmiş haman rəngi-səfalət. O dəm ənvarə müstəğrəq, sərazad, Gözəl bir qız, səmavi bir pərizad, Gəlib həq canibindən əldə fərman, Demiş: çıx, ey səfalətpərvər insan! Çıx, ey qafil bəşər! Dəf ol, çəkil, get! Bu lahuti təfərrücgahı tərk et! Deyil layiq sana gülzari-cənnət... O süfliyyətlə hissi-adəmiyyət Bu ülviyyatı heç eylərmi idrak? “Çe nesbət xakra ba aləm-e pak?!”1 Düşün, bax nerdəsin, bir kərrə anla! Bu məva öylə bir firdovsi-əla Ki, hər bir lövsdən, hər məfsədətdən, Bütün vəhşətdən ari bir nişimən... Sən əvvəl xeyrü şərdən bixəbərdin, Çocuq ruhilə bipərva gəzərdin. Nə buldun, qürbi-həqdən böylə sapdın? Düşün! Naqis bəşər, bir bax nə yapdın!? Bu gün qüdsiyyətin olmaqda bərhəm, Yazıq! Aldandın, ey biçarə Adəm! Təəssüf biəsər... Pək çox yanıldın, Nədamət bisəmər... Pək gec ayıldın. Edər lahutiyan səndən şikayət, Səninçin burda çox müşkül iqamət. Çəkil, get! Rəhbərin şəhmari-üsyan; Açılmış onda bax bir qövri-nisyan Ki, həp müzlim, kədərza, tabfərsa, Müləvvəs bir cədəlgah: iştə dünya! Deyilmişsən hərəmi-qüdsə məhrəm; Eşin Həvvayı al kəndinlə bahəm, Enib qıl aləmi-nasuti məskən, Nədir əzvaqi-dünya anla, öyrən! Əzil, qəhr ol, keçənlər keçdi, heyhat! Budur həqdən səninçin son mükafat! Qoşarsın bir zaman məhkumi-xüsran, Ararsın gülşəni-lahuti giryan. Yaşarsan vadii-zillətdə məyus, Fəqət dönməz, o günlər keçdi, əfsus! Cahan durduqca həp nəslin bərabər Bu müdhiş zərbədən qurtulmaz, inlər. Bu qəflət eylə bir süfli cinayət Ki, verməz kimsəyə bir ləhzə rahət. Bu gün əxlaf üçün səndən əmanət Qalan yalnız fəlakətdir, fəlakət!.. Əmin ol, nerdə nəfs olmuşsa hakim: Həqiqi eşqi məhv etmiş məzalim, Kimin ülviysə ruhu, söz onundur, Əsiri-nəfs olan daim zəbundur. * * * İbtilayi-qəram Dinliyorkən lisani-şerimi bən, Bir yetimin lisanhalı kibi, Yüksəlir bir inilti qəlbimdən, Titrədir ruhi-lərzədar şəbi. Daima bir sərabə aldanırım; Ağlaram, sızlaram, fəqət o zaman, Ruhi-şerimdə çırpınır sanırım Bir qırıqlıq, bir ehtiyaci-nihan. Öylə bir ehtiyaci-mübrəm ki, Ona vabəstə etilayi-xəyal, Şer-şair bulur onunla kəmal. İştə ahəngi-leyl, səmti-səma, İştə dalğın dəniz diyor sanki Həp sükuti-bəliğ içində bana: Ruhi-şairdə mevcidi-ilham Bir məziyyət var: “İbtilayi qəram!..” * * * İki həmşireyi-lətafətü an Bəzən əsla umulmayan yerdən, Nə qədər bəxtiyar olur insan! İştə, bən yəs içində inlərkən, Ruhi-məcruhimi edər xəndan, İki sevda pərisi ləməfşan. Biri — nevrəstə, nevdəmidə çiçək... Biri — nadidə, naşinidə mələk... Birinin çöhreyi-dilaşubi, Ləbi-gülgüni, çeşmi-məxmuri, Zülfi-şəbrəngi, rəngi-məhcubi, Qərq edər nurə qəlbi-rəncuri; Şərqə məxsus o bir gözəl huri... Kim bilir! Bəlkə şimdi cənnətdən Yerə enmiş gəzər o qönçədəhən. Lakin əfsu...s qeyri-qabildir, Bəncə təsviri-halı digərinin. O bir ülvi xəyalə bənzətilir Ki, edər hər baqışda şair için Pürməali nəşidələr təlqin. Söylüyor iştə hər bir əzası Ki, bənim əsrin ən gözəl Venosı. Gərdəni-safini öpən o xəfif, O təməvvücnüma ipək saçlar, Nəşr edər kainata qarşı lətif, Pürzəhəb bir ziyayi-rayihədar, Nəşvəza bir bahari-pürəzhar. O səmavi nigahə qarşı fəqət, Duyar insan mədid bir heyrət. Şu dilara, sevimli mənzərədən Ruhə bir başqa etila gəliyor. O gözəl çöhrələr gülümsərkən Saçar ətrafə sanki nuri-şürur, Ah, mümkünmü olmamaq məshur?! Qadın! Ey möhtərəm ənisi-bəşər! Sənsiz öksüz qalırdı hissi-bəşər! -Böyükada.* * * * İlk bahar -Kiçik bir məktəbliyə* Bahar, bahar gəlmiş, yenə ilk bahar; Güllər, çiçəklər gülər, quşlar oynar. Göyün altun saçlı qızı nur saçar, İnsanların tutqun könlünü açar. Dağlar, çəmənlər geyinir al, yaşıl; Yerlər, göylər parıldar işıl-işıl. Bülbüllər ötüşür, cəh-cəh vururlar, Güllüklərdə dügün, dərnək qururlar. Sevgili bir çoban, on bir yaşında, Düdük çalar axar sular başında. Ətrafında qoyun, quzu hoplaşır, Oynar, mələr, qoşar yenə toplaşır. Bir yanda bir dul qadın ağır-ağır Xəstə yavrusunu öpüb oynadır. Bir yanda məktəbli bir çox qız, oğlan Oynaşıb oxuşur həp bir ağızdan. Əl-ələ, qol-qola şadan olurlar, Haqqın qüdrətinə heyran olurlar. * * * iştə bir divanədən bir xatirə -“Sən nəsin? Kimsin?” deyən ariflərə* Arqadaşlar! Sormayın, hiç sormayın! Sızlayan bir qəlbə atəş vurmayın! Sormayın, ariflər! Ey fərzanələr! Anlamaz dərd əhlini biganələr. Sormayın əsla, kimim bən? Ya nəyim? Şimdi bən bir qayğısız divanəyim. İştə könlüm bir yıqıq viranədir, Hər nə söylərsəm bütün əfsanədir. Mən nəyim? Kəndim də bilməm, vaz keçin! Sən nəsin? Boş bir sual insan için. Bir müəmmadır ki, “bənlik” həll edən, Yüksəlir lahuta fərti-nəşədən. Bən hiçim, hiçdən çıqan hiçdir fəqət, Zənn edərsəm, sizdə də yoq mərifət. Göz-qulaq - görmək, eşitmək aləti, Çoq zaman aldatmış insaniyyəti. Hər nə göstərsəm, nə söylərsəm sizə, Etibar etməzsiniz hiç bir sözə. Çünki bən divanə, siz qafilsiniz, Dilsizim bən, yoq sizin də hissiniz. Söhbətə mailsəniz, diksinməyin! Dinləyin! Ah, əfv edin, incinməyin! Çünki anlaşmaq deyildir pək qolay, Laylalaylay, laylalaylay, laylalay. Bir zamanlar mən ənisi-yar idim. Əhli-məna, məhrəmi-əsrar idim. Gülşəni vəhdətdə həp şamü səhər, Seyr edərdim qayğısız, azadəsər. Bixəbərdim... sevmiyordum xilqəti, Bilmiyordum çünki mevcudiyyəti. Hiçlik, ah... ən xoş dəmi-səmti-sükun, Bir gözəl cənnətdi heyhat!.. Ən zəbun. Ən dəni bir hiss, əvət, bir kor buğa, Ruhumu yoqluqdan atmış varlığa. Bir zaman baqdım ki, yoq nurü səfa; Bir kiçik məhbəsdəyim: zülmətnüma... Çırpınıb durdum, fəqət yoq qurtuluş, Qəşş olub qaldım həmən, bitabü huş. Səssiz, ünsüz ağlıyordum məsti-xab; Nagəhan bir seyhə, bir müdhiş xitab: “Qalq! Ey insan oğlu, qalq!” əmr eylədi, Sarsılıb beynim həmən sərsəmlədi. “Vay!” deyib birdən bağırdım, zar-zar İçqırıb həp sızlıyordum biqərar. Sonra gördüm başqa bir aləmdəyim, Bir yığın insan için əyləncəyim. Həpsi xürrəm, həpsi pürvəcdü tərəb, Anlamazdım bən nədir, aya, səbəb?! Ağlamaqdan qalmamışdı bəndə hal, Bir küçük məcnun idim pəjmürdəhal. Onlar amma gah gülər, gah əylənir, Bən sükut etdikcə durmaz, söylənir. Ninni söylərlərdi gah aram ilə, Bəzən okşarlardı həp pürvəlvələ. Keçdi az-çoq bən dəyişdim büsbütün, Taleyi-mənhusuma doğmuşdu gün. Ağlamazdım, şimdi pək dilşad idim, Qayğısız, azadə bir nevzad idim. Hər nə görsəm zevq alırdım bilmədən, Yar idim həm yarə, həm əğyarə bən. Sanki bir cənnət kəsilmiş kainat, Başlamış artıq münəvvər bir həyat. Daima məsudü fərruxbal idim, Daima xoşbin idim, xoşhal idim. İştə bir məsum idim, azadəsər, Uçmaq istərdim müzəffər, nəşəvər. Anbəan bulduqca bən nəşvü nüma, Ruhumu qaplardı bitməz bir səfa. Artıyordu ömrə hər gün rəğbətim. Çünki bipayan idi hürriyyətim. Qayğı bilməz bir çocuqkən nagəhan, Fikrimi cəzb etdi digər bir cihan. Kəsbi-irfan etməyə əzm eylədim. Elmə qoşdum, hər nə duydum, bəllədim. Ruhi-məsumanəm olmuş dərbədər, Fəzl için hər ləhzə yüksəlmək dilər. İstəməzdim rahət, artıq biqərar, Çırpınırdım ruzu şəb pərvanəvar. Əldə kəskin bir silah olmuş qələm, Fikrimə hökm eyliyordu dəmbədəm. Hər nə görsəydim məraqavərdi həp, Mütləqa durmaz, arardım bir səbəb. Artaraq fəzlü kəmalım anbəan, Yüksəlirdim, yüksəlirdim durmadan. Fikrimi işğal edən hər bir xəyal, Ruhumu eylərdi ilqa bin sual. Kəşf için sərsəm könül məftun idi. Kim onu həll etsə Əflatun idi. Çırpınırdım daima irfan için, Hiç sanırdım ömrü bir nadan için. Məlcəim olduqca məktəb, mədrəsə, Qəlbimə gəlməzdi hiç bir vəsvəsə. Zövq alırdım məscidü meyxanədən, Feyz alırdım aqilü divanədən. Saçma bir dəftərçə, sərsəm bir kitab, Ruhumu eylərdi daim hissiyab. Fəzlü irfan əhlinə heyran idim, Elm için başdan keçər insan idim. Kainati-elm, o bir dilbər həyat, Ən müqəddəs bildiyim bir kainat... Elm, əvət, pək sevdiyim dildar idi, Ən gözəl bir yari-əfsünkar idi. Elmə vermişdim könül arifmisal, Bilmiyordum başqa aləm, başqa hal. Bilmiyordum qəm nədir, sevda nədir, Bilmiyordum aşiqi-rüsva nədir. Vardı tək bir həmdəmim: fəzlü kəmal, Vardı tək bir munisim: ərbabi-hal. Həp çalışmaq, uğraşıb durmaqla bən, Qoşdururdum fikrimi hiss etmədən. Aqibət, bir gün yoruldum, inlədim, Sonra küskün ruhumu həp dinlədim. Çoq düşündüm, çoq daşındım, bir zaman Guşeyi-üzlətdə tutdum aşiyan. Etmədim insanə artıq etibar, Adəm oğlundan fərar etdim, fərar. Bəncə mərdud oldu hər dəftər, kitab, Həp təfəkkürdən olurdum zevqiyab. Bildiyim hər bir həqiqət əskidi, Başladım təmyizə hər nikü bədi. Gördüyüm hər şeydə bir məna arar, İctihad etmək dilərdim biqərar. Artıyorkən iztirabım anbəan, Xeyli daldım... bir də baqdım, nagəhan Əski bütlər qalmamış, həp qırmışım, Uçmuş əqlim, büsbütün çıldırmışım. Gözlərimdən qaldırılmış pərdələr. Baqdım, ağlar gördüyüm hər şey gülər. Heyrətimdən bən də güldüm, aqibət, Gözlərim gördüm yaşarmış bicihət. Tüklərim ürpərdi həp sərsəmlədim, Baqdım, artıq başqa bir aləmdəyim. Sıçrayıb beynimdə qan vulkan yapar, Gah enər qəlbimdə bir tufan yapar. Bəncə həp mahiyyəti-əşya bütün, Başqa rəng almaqdadır guya bu gün. Əski hissiyyat əzilmiş sərbəsər, Əski “bən”dən hiç bulunmaz bir əsər. Hər həqiqət sanki ölgün bir xəyal... Hökm edər ruhumda artıq başqa hal. Bəncə xilqət şimdi bir əfsanədir, Kim ki, həll etmək dilər, divanədir. Bir oyuncaqdır cihan başdan-başa, Qafil insanlar da bənzər sərxoşa. Səndələr hər kəs əməlsiz, qayğısız, Həpsi kəndindən xəbərsiz, sayğısız. Söyləşirlər, anlaşılmaz sözləri, Həp baqarlar, görməz amma gözləri. Daima miskin, düşünməz, sərsəri... Bir çürük xulyaya heyran əksəri. Gah übudiyyət edib yıldızlara, Gah əyilmişlər dilara qızlara. Çoq zaman məğlub olub bir heyvana, Tanrı zənn etmiş, tapınmışlar ona. Böylə, gəmsiz bir yığın mərkəb kibi, Otluyorkən... iştə - məslək mövcibi, Fırlamış meydanə bir qaç dahiyə, Korları irşad için gəldik deyə, Kəşf edib yoqluqda bir mevcudi-haq, Birdir, elan etdilər, məbudi-haq. Birdir, amma hökm edər hər bir şeyə, Həm də əsla bənzəməz hiç kimsəyə. Xəlq edər, həm məhv edər, pək müqtədir... Çünki hər bir qüvvətin fevqindədir. Hökm edər, söylər, onun ilhaminə, Vaqif olmaz aciz insanlar... yenə Duysa bir şey, həp o dahilər duyar, Sonra onlar xəlqi eylər hissədar. Xəlq, xaliqdən uzaq həm bixəbər, Yalnız onlar əmr edər, ya nəhy edər. Çünki onlar çoq yaqın ülviyyətə, Həm də pək layiq xitabi-qüdrətə. Parlamış hər kimdə ənvari-dəha, Aləmi-əsrarə olmuş aşina. İştə onlar, hər biri bir qəhrəman, Həp çalışmış durmadan, sarsılmadan. Bir dügün - onlarca hər bir təhlükə, Həpsi olmuşlar fəda bir məsləkə. Həpsinin amalı bir, əfkarı bir, Həpsinin iqbalı bir, idbarı bir. Həpsi yalnız bir həqiqət aşiqi, Həpsi bir vicdanla dinlər xaliqi. Həpsinin qəlbində bir sevdası var, Həpsi Məcnun, həpsinin Leylası var. Həpsinin ruhunda bir cənnət gülər, Həpsi şəfqət bəslər, ülviyyət dilər. Ağlamışlar həpsi insaniyyətə, Xadim olmuşlar bütün bir niyyətə. Parlamış həpsində bir haq şöləsi, Xeyrə munis, şərrə düşman cümləsi. Haqdan almış həpsi ilhamatını, Dinləmiş həm kəndi hissiyyatını. Hər kəs inşad eyləmişdir bir kitab, Ta ki, izhar eyləsin bir inqilab. Başqa bir “bənlik” ararkən hər biri, Uymaz olmuş bir-birə çoq sözləri. İştə hər dahidə var bir etiyad. Yan baqıb təqlidə, eylər ictihad. Pək təbiidir ki, hər sahibhünər, Bir təcəddüd, bir xüsusiyyət dilər. Gərçi az-çoq bir-birindən fərqi var, İştə onlar, həpsi bir şahrah arar. Dinləyib əslafı həp fikr etdilər; Göstərib əxlafə bir yol, getdilər. Sonra, lakin sonra pək çoq sürmədən, Fırlayıb meydanə bir çoq rahzən, Onların fikrində bulmuşlar təzad; Hər biri bir yolda etmiş ictihad. Bir-birindən xəlqi istikrah için, Hər biri bir dürlü olmuş xuşəçin. Bir yığın əfsanə, bin lafü kəzaf Uydurub hər kəs çıxarmış ixtilaf. Hər biri boş bir xəyal almış ələ, Uğraşıb dünyayə salmış vəlvələ. Ayrılıb bir mürşidin peyrəvləri, Ayrı məzhəblər çıqarmış; hər biri Bir yığın böhtanlar icad eyləmiş, Pirinə həzyanlar isnad eyləmiş. Anlamaz, kor xalqı qandırmış bütün, Hər nə qusmuş, həp inandırmış bütün. Qübbə yapmışlar küçük bir həbbəyi, Söyləmiş: “haq bəndə...” hər külxanbəyi. Hakim olmuşlar bütün izanlara. Hər kəs uymuşdur o bivicdanlara. Firqələr təşkil edilmiş anbəan, Olmamış əskik niza hiç bir zaman. İzləyib hər firqə çıqmaz bir cığır, Bir dügün-dərnək qurulmuş zırhazır. Hər kəs uymuş kəndi sərsəm fikrinə, Düşman olmuş çoqlar öz həmfikrinə. Eyləmiş hər kəs təsəvvür qayəsiz, Başqa yol, bir başqa xaliq, başqa iz. Hər kəs aldanmış da sapmış bir yana, Bin çeşid bütlər yapıb tapmış ona. Hər kəsin ruhunda bir xaliq gülər, Öylə bir xaliq ki, xəlq etmiş bəşər. Pək tühaf!.. Bir firqə digər firqənin Xaliqindən diksinib olmaz əmin. Halbuki, hər kəscə haq bir, tanrı bir... Ya bu sərsəmlik, bu azğınlıq nədir?! Bir yığın insan arar zülmətdə nur, Bir yığın: haq bizdədir, söylər durur. Bir güruh eylər pərəstiş vəhdətə, Bir güruh eylər təməllüq kəsrətə. Hər kəs artıq izləyib bir yol gedər, Əyri, düz, çirkin, gözəl iman edər. Cahil, arif, bir çoban, bir feyləsuf, Kəndini sanmaqda... ərbabi-vüquf. Hər kim əvvəldən inanmış hər nəyə, Bir də ram olmaz o digər bir şeyə. Haq təcəssüm etsə birdən həpsinə, Tutduğundan kimsə vaz keçməz yenə. Çünki pək gücdür unutmaq keçmişi, Həm düşünmək istəməz bir çoq kişi. Hökm edər “mazi” bütün vicdanlara, “Əskilik” eylər nüfuz izanlara, Əski adətlər birər zəncir olub, Dəmbədəm etməkdə təxsiri-qülub. Sorsalar: dünyada kimdir hökmdar? Bən derim: ölmüşlər, ölmüş duyğular. Bir həqiqətdir bu... varsa şübhəniz; Ta çocuqluqdan nə öyrənmişsəniz, Hər nə yad etmişsəniz dün ya bu gün, Qəlbinizdən həp silin bir-bir bütün: Valideyn ağuşu, məktəb, mədrəsə, Qorqu, ümmidü təvəkkül, vəsvəsə. Etiqad, əxlaqü adət, hər nə var, Həp kökündən qaldırın divanəvar... Həp qırın, həp çignəyin, həp məhv edin! Hiç zərər yoq, bir müvəqqət səhv edin! Səhvinizdən ta ki doğsun şübhələr, Həp seçilsin haqqü batil, xeyrü şər. İştə bir meydan ki, istər qəhrəman. Hər kimin var meyli, etsin imtihan. Etsəniz bir böylə cürət, şübhəsiz, Qarşınızdan pərdələr qalqar təmiz. Bir də aldanmazsınız hər kahinə, Fikri çaldırmazsınız hər xainə. Başlayıb artıq münəvvər bir həyat, Məhv olur həp əski, ölgün kainat. Köhnə mevhumata yol verməzsiniz, Haqqı dinlər, başqa şey görməzsiniz. Seyr edib insanların əfalını, Fikrini, amalını, hər halını. Heyrət eylər, daima ağlarsınız, Daima ağlarsınız, sızlarsınız. Halınız ənzarı cəlb eylər bütün. Seyr edənlər həp gülümsərlər bütün. Çünki Məcnun zənn edər hər kəs sizi, Kimsə dərk etməz fəqət Leylanizi. Kimsədən gəlməz kömək hiç bir zaman, Ürkərək sizdən qaçar yeksər cihan. Siz də bipərva olub mərdümgiriz, Nerdə insan görsəniz ürkərsiniz. Ərzi-didar etsə sizlərdən biri, Göstərib heyrətlə bir çoq sərsəri Xalqa söylərlər: “Qaçın bundan, aman! Şarlatandır, şarlatandır, şarlatan! Sözləri həp saçma... yoq məna, filan, Həp yalandır, həp yalandır, həp yalan...” İştə diqqət lazım... ey ərbabi-hal! İmtihan istər, nə lazım qilü-qal. Bir cəsarətdir bu... iqdam etsəniz, Böylə bir azadə yoldan getsəniz, Siz də bir Məcnun olub ağlarsınız; Bən nəyim? Yaxud kimim, anlarsınız. Ən nihayət, hər həqiqət bəllənər, Haq nədir? Nəymiş? Nihayət bəllənər. Öncə “bənlik”dən təcərrüd qılmayan, Kəndi nəfsindən uzaqdır hər zaman. Kim ki, əql istər, o, məcnun olmalı, Hər fəlakət gəlsə məmnun olmalı. Yoqsa gevşək, duyğusuz, boş bir beyin, Sirri-xilqətdən nə anlar söyləyin!? Canlı meyitlərcə zor idraki-haq, Görməz ama, doğsa hətta bin şafaq. Nuri-haq bir çöhrədir, daim gülər, Dərkdən aciz fəqət biganələr. Dərk edənlər mütləqa məczub olur, Fərti-eşqindən həmən illət bulur. Çıldırıb sərsəmlər, ağlar, həm gülər; Başqa bir aləmdə rəqs etmək dilər. Tərk edib cananə bixud canını, Həp arar məşuqeyi-vicdanını. Biqərar istər sarılsın boynuna, Nagəh anlar: yarı girmiş qoynuna. Ruha artıq başqa ülviyyət gəlir, Aləmi-lahutə qalqar, yüksəlir. Yüksəlir, əngin fəzalərdən aşar, Ərşi-istiğnadə bipərva yaşar. Təşneyi-irfan ikən dərya bulur, Mevt ararkən zindeyi-cavid olur. * * * Kiçik sərsəri Uyuyur... caməxabı toz, torpaq; Nə bir ümmidi var, nə kimsəsi var. O bir öksüz, o bir soluq yarpaq; Nə də məhzun köküs keçirməsi var. Ona yoldan keçənlərin ürəyi Daş kəsilmiş də yasdıq olmuşdur. Yox onun imdi kimsədən diləyi; Uyuyur... binəva yorulmuşdur. Günəşin qızğın, odlu zərbəsinə Hədəf olmuş vücudu; həm də əlil... Bir kiçik qülbə yox ki, kölgəsinə İltica eyləsin zavallı səfil! Zülmü fisqin, cinayətin yolunu Sədd üçün həbsxanalar yapılır. İmdi məsum ikən, səfalət onu Mücrim elan edər, yarın asılır. Haqqa varmaq, pərəstiş etmək üçün Ucalır bir tərəfdə məbədlər. Daş, çamur, haqq rizası namümkün... Aldanır, aldanır zavallı bəşər. * * * Küçük bir levhə Ehtizaz etmədə hər yanda behişti-nəfəxat, Oqşuyor səhn çəmənzarı yenə ruhi-bahar. Şəms, o nevzadi-təbiət gülüyor şəşəəbar, Saçıyor hər tərəfə rəngi-səfa, nuri-həyat. Sanki hər şey gülüyor, ərzü səma həp məsrur, Hər tərəf mevceyi-nur... Kainatə veriyor nəşə nəsimi-səhəri, Sərvlər qaməti mevzun ilə həp məsti-qürur... Bir tərəfdə ötüşür şevqü şətarətlə tüyur, Pərdə-pərdə eniyor, yüksəliyor nəğmələri. Süslənib naz ilə bir yanda gülümsər əzhar, Pürsəfa, ləmənisar... Gəzinir qarşıda bir tifli-məlahət yalınız... Hər ədasilə o şux aləmi eylər məshur. İştə, səyyar çiçək denməyə şayan bir qız! Çeşmi-məxmurinə baqdıqca ürək çırpınıyor, Allah, Allah! Nə qədər ülvi... o mavi gözlər! O səmavi gözlər! Həp çiçəklərdə təməvvüc edən əlvani-sürur, Əks edib çöhreyi-gülgününə eylər ləman; Zülfi-zərtarını yaldızlar ilahi bir nur, İştə bir levhə ki, hər zairi eylər heyran; İştə bir şer ki, hər şairi eylər təltif, Nə qədər şeri-lətif!.. Böyük dərə. * * * Mənim tanrım Hər qulun cahanda bir pənahı var, Hər əhli-halın bir qibləgahı var, Hər kəsin bir eşqi, bir allahı var, Mənim tanrım gözəllikdir, sevgidir. Gözəl sevimlidir, cəllad olsa da; Sevgi xoşdur, sonu fəryad olsa da, Uğrunda mənliyim bərbad olsa da, Son dildarım gözəllikdir, sevgidir. Gözəlsiz bir gülşən zindana bənzər, Sevgisiz bir başda əqrəblər gəzər, Nə görsəm, hankı bəzmə etsəm güzər, Həp duyduğum gözəllikdir, sevgidir. * * * Məyus bir qəlbin fəryadı Ey nəşvəli, ey işvəli ümmid! Lənət sana, ey afəti-cavid! Artıq yetər, əl çək, bən usandım; Əvvəl səni bir bakirə sandım, Arqan sıra gəzdim yapa-yalnız, Həp məkrinə uydum sənin, ey qız! Get! Anladım artıq nə imişsin. Duydum ki, nasıl fitnə imişsin. Bir başqa dil-aşüfteyi get, bul! Keç, get! Sırıtıb durma, kənar ol! Dəf ol ki, gözüm görməsin əsla, Yaqdın bəni, ey sıtmalı xulya! Qarşımda durub titrəmə, ey zill! Bitdim, daha yoq bəndə təhəmmül. İnsan nə qədər maili-qəflət!? Səndən umuyor zevqi-səadət! Var bir quru hikmət, o da yanlış... Ümmid ilə guya yaşanırmış! Bir söz ki: yalan, saçma, xurafat... Aldanmam o əfsanəyə, heyhat!.. Ey yəs! Sən ey hüzni-sərazad! Ağuşuma gəl, qıl bəni dilşad! Ruhimlə bərabər yaşa yalnız, Gəl qəlbimə gir, ey sarı yıldız. Yalnız bana ol munisü həmdəm! Yalnız olayım bən sana məhrəm, Sevdim səni, ey sevgili dilbər! Gəl, ağlayalım şimdi bərabər. Çöhrən mütəvərrim kibi küskün... Səndən çəkinir hər kəs onunçün. Dalğın baqışından qaçar insan, Bilməm nədən etmiş bəni heyran!? Aləm səni zənn etsə də çirkin, Lakin bana sor! - bəncə gözəlsin. Hürr olmaq için xeyli yoruldum, Eş kəndimə yalnız səni buldum. Zira sana yar olmayan insan Zənciri-əsarətdə verir can! Ruhum irər ülviyyətə səndən, Sənsiz əzilir, məhv olurum bən. Qəlbimdə əgər varsa mətanət, Səndən, yenə səndəndir o qüvvət. Ümmid ilə insanə gələn hiss, Ya kizbü riyadır, ya təbəsbüs. Lakin sana məftun olan əhrar, Laqeyd olur, ey yari-füsunkar! Miskin yaşamaz, zülmə tapınmaz, Rahət nə, səfalət nədir anmaz, Sənsiz yaşasam, bağrım olur qan, Qoş, gəl bana, ey rəhbəri-vicdan! Uç, gəl bana, ey həmdəmi-hissim, Bir dərbədərim, yoq bir ənisim. Sənsiz yaşamaq bəncə tənəzzül, Sənsiz gəbərirsəm o da bir züll... Gəl, ruhumu güldür də çəkil, get! Ya qəlbimi yar, parçala, məhv et!.. * * * Nəcmi-geysudar Sən ey yüksək fəzalardan aşan səyyahi-zərrinpər! Uzaq, ey nəcmi-geysudar! Uzaq gəz, ərzə yaqlaşma! Uzaqdan pək gözəlsin, mənzərən pək tatlı, pək dilbər, Məhəbbət yoq təqərrübdə, şu məhrəkdən saqın, şaşma! Təfərrücgahın ey səyyari-ülvi, pək geniş... yüksəl! Bu alçaq yer sana layiq deyil, yüksəl, yaqın gəlmə! Münəvvər saçlarınmış sanki zəhralud bir məşəl, Yaqarmış xəlqi!.. Hər kəs qorquyor, uç get, saqın gəlmə! Bizim torpaqda naməqbul olur biganələr daim, Onunçün sevməz insanlar səni, hər kəsdə nifrət var. Məramın qəhr isə, get! Onları təsmim edər daim, Şu ərz üstündə yüz binlərcə geysudar yıldızlar. -Bakı.* * * * Niçin? Bən niçin məsti-eşqi-yar oldum? Bu nə xülya ki, bən düçar oldum? Bən niçin böylə dilfikar oldum? Niyə məftuni-zülfi-tar oldum? Niyə bədbəxti-ruzigar oldum? Mərhəmətsiz mələk, ədalı gözəl Gör nələr yapdı bir visala bədəl! Yeni gülmək dilərdi şəmsi-əməl, Ah... pək bəxtiyar idim əvvəl... Bən niçin məsti-eşqi-yar oldum? Sevərim... Son nəfəsdə inlərkən Yenə atmam o nazlı dilbəri bən. O gözəl gözlər, ah... o qönçə dəhən, Çıqmıyor bir dəqiqə fikrimdən, Bu nə xülya ki, bən düçar oldum? Səhər aşiq o nurun ismətinə, Bayılır pənbə gül təravətinə, Cümlə heyran ikən nəzakətinə, Uyar-uymaz onun məhəbbətinə, Bən niçin böylə dilfikar oldum? Hər könül bağlı bir vəfakarə, Arıyor dərdi-eşqə bir çarə. Bən niçin böylə qaldım avarə? Niçin uydum o çeşmi-səhharə? Niyə məftuni-zülfi-tar oldum? Nə olur? Beş dəqiqə ləbbərləb, Yaşasaydıq onunla məsti-tərəb; Of, bilməm ki... Mərhəmət, ya rəb! Bəni qəhr etdi iztirabü təəb, İştə! Bədbəxti-ruzigar oldum. * * * Niyə getdin? Niyə döndün? Niyə baxdın? Gəldin də, niçin pəmbə buludlar kimi axdın, Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın? Şimşək kibi çaxdın da, niçin könlümü yaxdın, Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın? Sərpildi alev ruhuma süzgün baxışından, Sarsıldı da həp bənliyim, ey afəti-devran. Gəl, gəl, olayım səndəki hər cilvəyə qurban. Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın? * * * Novruz bayramı İştə novruz! Yetişdi fəsli-bahar. Gəldi işrət zamanı, qardaşlar! Nə gözəl bayram... Ah, nə xoş fürsət! Sayılır əhli-zövqə bir nemət!.. Böylə şad gün düşərmi bir də ələ? Keçirin beş gün ömrü ləzzət ilə. Yalınız hanki evdə yas varsa, Bir onun borcudur ki, tutsun əza. Birinin ölsə qardaşı naçar, Qara bayram tutar... Bir adət var. Hər kimin yoxsa böylə bir üzri, Eyşü nuş eyləsin o... yox zərəri. Gərçi “əlmömünün üxüvvə” demiş Əmri-peyğəmbəri hekayə imiş. Cümlə qardaş, — deyir Rəsuli-xuda, Hanki islamədir bu söz əcəba? Bəlkə bir başqa xəlqədir bu xitab? Nəyə lazım, canım, sıxıntı, əzab. Bütün İranda, cümlə Balkanda, Çırpınır qardaşın qızıl qanda! İştə bir qətlgahə dönmüş yer! Məhv olan yüz deyil ki! Yüz mindir. Ana! Həmşirə! Ey nişanlı gəlin! Siz də əsla sıxılmayın, sevinin. Əzilib məhv olursa ailələr, Sizə aid deyil bu qəmli xəbər. Getsə iffət, kəsilsə əmcəklər, Sevinin!.. İstəməz düşüncə, kədər. Bütün aləm dağılsa, od tutsa, Bizə lazımdır imdi zövqü səfa. Bir müsəlman ki, onda qeyrət var. Sevinir, kef edər, çalar, oynar. Sevinin! Zurna, toy çalın, sevinin, Nə gözəl bayram! Of, gülün, sevinin! Dinə, namusa küsdünüzsə, gülün! Sevinin, həp gülün!.. Nə nəşəli gün?! * * * Öksüz Ənvər Doquz yaşında zəki, uslu bir çocuq: Ənvər... Sinifdə tam iki ildir, birincilikdə onun Şərəfli bir adı var; daima müəllimlər Sevərdilər onu. Lakin o imdi çox yorğun. O imdi çox mütəfəkkir... cahanda iştə onun Həyatı, nəşəsi, ümmidi tək bir annəsi var. Fəqət o, bəlkə üç ay var ki, xəstə, giryənümun Nəzərlərilə üzər binəvayı leylü nahar. Zavallı annəsi söndükcə yavrucuq yanıyor, Yanıb da qovruluyor; ən böyük düşüncələri Yarınki matəmi güldürmək üzrə aldanıyor, Fəqət qadın ərimiş, onda yox həyat əsəri. Çocuq dəvam eləyir dərsə hər sabah; lakin Nə söyləyirsə müəllim, o bir şey anlamayır. Dalıb, dalıb gediyor, dərs için, vəzifə için, Toqat yeyirsə də biçarə susmuş, ağlamayır. Səkiz gün oldu ki, artıq xəbər yox Ənvərdən, O imdi dərsə dəvam etməyir, qadıncığazın Qoşar məzarına öksüzcə ağlar, inlərkən Gəlincə xatirə mazi, düşüb qalır bayğın. Sorar sinifdə müəllim o kimsəsiz çocuğu, Qızar da söylənərək hər gün arxasınca onun; “Aman, nasıl yaramaz! Bax, bu həftə keçdi dəxi Nə bir xəbər, nə bir iz var? Demək o bir çapqın...” Yarınki gün o soluq çöhrə pürməlali təəb, Sinifdə ərzi-vücud etdi. Dərsə başlanaraq Müəllim əkşi, çatıq üzlə püritabü qəzəb, Görüncə Ənvəri, qaldırdı: Ey! Çocuq, mənə bax! Sən, iştə hanki cəhənnəmdə, söylə, nerdə idin? Düşünmə, söylə! Əfəndim, şey... Ah, dəni yaramaz! Nasıl da bax dalıyor, sanki tülküdür qurnaz!.. Çocuqcığazda cavab: iştə bir sükuti-həzin... Gözündə dalğalanır incə bir bahar buludu, O həp baxıb duruyor, yoxdur onda hiylə və suç... Sükuta qarşı müəllim qəzəblə bir, iki, üç Toqatlayınca, çocuq bircə kərrə hıçqırdı: “Aman, vay, annəciyim!..”, sonra qəşş olub getdi; Bu səs sinifdə olan cümlə qəlbi titrətdi. * * * Otuz yaşında Otuz yaşında saralmaq, açılmadan solmaq; Bu iştə bir mələyin virdi-şairanəsidir. Otuz yaşında gömülmək məzarə, məhv olmaq; Bu bir şikəstəəməl dilbərin təranəsidir. Əvət, bu sisli, dəyərsiz həyat üçün hər kəs, Nə umsa cümlə hədər, həp birər çocuqca həvəs... Otuz yaşında!? Fəqət çox tühaf... nasıl, nə demək! Bu sirri bilmək üçün bir gün eylədim israr. O nazlı çöhrə şəfəqlər saçıb gülümsəyərək; Sevimli gözləri ta qarşısında xəndənisar Olan bir aynaya mətuf olub da söylədi: “Bax! Gülümsəyən bu rəsim yoxmu? Sevdiyim ancaq Bu lövhədən, bu gözəl çöhrədən ibarətdir, Mən istərəm o təravətlə daimi yaşamaq... O, yirmi bir sənəlik qönçeyi-lətafətdir Ki, həp təravəti-hüsniylə zövqyab olaraq Həyata qarşı gülər gözlərində istiğna, Nasıl da bənzəyir - insaf üçün - o çöhrə mana... Əvət, şəbabımı təsvir edən o kölgə üçün, Pərəstiş eyləyərək mən həyatı sevmədəyim. Duyunca bir ufacıq inhitat o çöhrə üçün İçimdə hiss edərəm sanki bir əzabi-əlim. Şəbabü hüsnlə az-çox həyat imrənilir; Şəbabi-afəl üçün həfreyi-məzar eyidir. Bütün qadınlığı təsmim edən, əzib bitirən, Çoluq-çocuqlu, müşəvvəş həyat üçün daim Bir iştika duyulur ruhi-lərzədarimdən, Sürəkli ömrə onunçün tənəffür etmədəyim. Mən istəməm ki, şəbab ömr üçün sürüklənsin: Bu fikrə bir deyəcək varmı? Söylə allah için!” — Xayır, gözəl mələk! İnsaf üçün düşündüyünüz Bir az xəyalə, bir az şerə bənzəyirsə də... siz Əmin olun ki, aldanmayırsınız: yalnız Bu dadlı fikri yaşatmaq qolay deyil, biliniz! Bu gün, yarın dəyişər ruhunuz, təbiətiniz, O yolda başqalaşır zövqi-şairiyyətiniz. Bu gün sıxıntılı zənn etdiyin sürəkli həyat, Həyati-ailə bilsən yarın nasıl sevilər? Çoluq-çocuq sənə ithaf edər də xoş nəğəmat, O dəm gözündə cahan pərdə-pərdə cilvələnər. İnan, o türrəyi-şəbrəngin olsa bərfalud, Həyata sən yenə məftun olarsan... olma ənud! * * * Pənbə çarşaf Pənbə, şəffaf, ipəkli bir çarşaf, Lərzişi-səfvətilə hər saət Ruhi-məcruhə eyliyor ithaf. Nazənin bir fəriştə, bir afət. Bu təsəttür nasıl da cazibədar! Bunda pək incə bir lətafət var. Sanki bir nevşükuftə gül fidanın Pənbə tüllər əhatə qılmışdır. Ya ki bir kevkəbi-dirəxşanın Üstünü həp şəfəqlər almışdır. Mən açıq şerdən də həzz edərim, Fəqət ən gizli şeri pək sevərim. Açaraq sivrilir çoq afətlər, Saf və azadə sanki bir zanbaq... Sən əmin ol ki, ey şükufeyi-tər, Gülə pək başqa fər verir yapraq! Söylə! Dünyada hanki sənətkar, Kölgəsiz bir rəsimdə sənət arar!? O vücudi-lətifi qoy sarsın, Nurdan işlənən ipək tellər. Bəncə məğrurü möhtəriz baqışın Ruhu təltif için kifayət edər. Örtün! Örtün... Fəqət unutma, saqın! Sənin açmaq zamanın: iştə yarın!.. * * * Qaçqın Örtünmə, dur! Kimsən, nerəlisən sən, Gözəl qaçqın, başı bəlalı qaçqın! Gülümsə nur saçılsın üz gözündən, Ey hər halı mələk ədalı qaçqın!... Zülfünü qoynunda bəsləmış gecə, Süzgün gözlərin, gül üzün pək incə, Künül məst olur sən gülümsədikcə, Ey nazlı dağların maralı qaçqın! Mən istərəm ömrüm səninlə gülsün, Söylə, nə dərdin varsa anlat bütün; Aman, nə oldu ki, sən böylə düşdün Yurdundan, elindən aralı qaçqın! Ah, səni gördümdə dağıldı huşum, Vuruldum sənə sanki bir sərxoşam, Mən də sənin kimi qərib bir quşam, Gəl mənə, ey könlü yaralı qaçqın!... * * * Qadın Qadın! Ey sevgili həmşirə, oyan! Ana! Ey nazlı qadın, qalx! Uyuyan Daima mövtlə həmduş oluyor, Zillü möhnətlə həmaquş oluyor, İştə sıyrılmada həp zülmətlər!.. Ağarır dan yeri, qalx,iştə səhər!.. Oyan, ətrafını seyr et də düşün! Bütün övladi-vətən iştə bu gün Yalınız səndən umar sədrə şəfa, Yalınız səndə bular ruha qida. Ana övladını bəslər, böyüdür, Anasız millət, əvət, öksüzdür. Sənin aləmdə vəzifən, hissən Nə böyük, həm nə ağırdır, bilsən?! Qadın! Ey sevgili, şəfqətli mələk! Bu qədər səbrü təhəmmül nə demək? O lətafət, o nəcabətlə sana, Bu əsarət, bu həqarət nə rəva?! Sən nəsən?.. Kəndini bil, zəfi burax! Həp nəsibinmi sənin sillə, dayaq? Çəkmə ah, eylə mükəddər, məhzun, Ağla göz yaşların axsın, coşsun! Ağla , fəryadını duysun ərlər, Bəlkə insafa gəlib rəhm edələr. “Ağla, həp ağla!” dedim, çox yanılış... Çınlasın, mövcələnib yüksəlsin O səsin qüvvəti, təsiri böyük... Ağla, ta lərzəyə gəlsin yer, gög Bax, bax insan nə qədər aldanıyor? Xayır, əsla məni sən dinləmə, dur! “Ağla, həp ağla!” dedim, çox yanılış. Ağlamaqdan nə çıxar sanki? Çalış! Oluyor iştə hüququn pamal, Çalış, öyrən, ara, bul, haqqını al! Pərdeyi-zülmət içindən sıyrıl! Qəhrəmanlar kimi qovğaya atıl! Fəzlü ürfanla mücəhhəz olaraq Cəhli yıx, qəfləti yax, əczi burax! Kimsədən gözləmə yardım əsla; Yalınız kəndinə kəndin ağla! * * * Qəmər! Odamda bir gecə səbrim tükəndi, bitdi məcalım, Vücudum atəşi-humma içində həp yanıyordu. Bütün mühitimi süzdükcə artıyordu məlalim, Gözümdə bir sürü teyfi-əməl qanatlanıyordu. Səma gözəldi, hava safü xəndəriz... fəqət mən Bu iğbari-siyahrəng içində məhv oluyordum. Dəniz kənarinə endim, dərin-dərin düşünürkən, Kədərlərim bəni üzmüşdü, bir tərəfdə oturdum. Dəniz də heyrətə dalmış, bənim kibi o da düşgün... Bənim kibi o da müstəğrəqi-xəyal idi; lakin Bən ağlıyordum, o xamuş... bən həyatıma küskün, O eyliyordu dərağuş önümdə bir təni-simin. Qəmər, o çöhreyi-dilbər, o nuri-cazibəpərvər, Çiçəklənirdi onun sinəsində hər yeri üryan; Qəmər, o misrai-bərcəstə, ah... o şeri-münəvvər, Gülümsiyor, onu əmdikcə mavi bir ləbi-rəyyan. Bəni o nuri-lətif eyləmişdi kəndinə məftun; O simbər qızı dalğın nəzərlərimlə öpərkən, “Qəmər! Qəmər!..” deyə qarşımda sanki bir dili-məhzun Anar da keçmişi, həp çırpınırdı inliyərəkdən. “Bu hanki səs, bu nasıl bir iniltidir?” deyə daldım, Həmən önümdə sənin çöhreyi-həzinini buldum. * * * Qız məktəbində — Quzum, yavrum! Adın nədir? — Gülbahar. — Pəki, sənin anan, baban varmı? — Var. — Nasıl, zənginmidir baban? — Əvət, zəngin, bəyzadə... — Öylə isə, geydiyin geyim neçin böylə sadə? Yoxmu sənin incilərin, altun bilərziklərin? Söylə, yavrum! Heç sıxılma... — Var əfəndim, var... lakin Müəlliməm hər gün söylər, onların yox qiyməti, Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti. — Çox doğru söz... Bu dünyada sənin ən çox sevdiyin Kimdir, quzum, söylərmisən? — Ən çox sevdiyim ilkin O Allah ki, yeri-göyü, insanları xəlq eylər. — Sonra kimlər? — Sonra onun göndərdiyi elçilər. — Başqa sevdiklərin nasıl, yoxmu? — Var... — Kimdir onlar? Anam, babam, müəlliməm, bir də bütün insanlar... * * * Qoca bir türkün vəsiyyəti Yavrularım! Ey ömrümü şənləndirən, güldürən, Alnı açıq oğullarım, gözəl, yosma qızlarım, Bir qayəsiz uçurum var, ayrılmıyor önümdən, Ömrüm vəfa etməz bana, bəlkə pək az yaşarım. Artıq bana dar gəliyor həp şu əngin üfüqlər, Sanki ruhum qanatlanıb şimdi pərran olacaq. Qarşımızda yanğın kibi görünən al şəfəqlər, Ehtimal ki, yarınki gün bəni sönmüş bulacaq. Əcəl güclü, bən gücsüzüm, kimsə ondan qurtulmaz, Toplaşınız, vardır sizə bir qaç sözüm, dinləyin. Getməliyim, vəsiyyətsiz ölsəm ruhum şad olmaz, Qulaq verin sözlərimə, birər-birər bəlləyin. İlk istəyim: hiç bir zaman sevgidən əl çəkməyin, İnsan oğlu sevgi için yaratılmış, doğmuşdur. Yer yüzünü qardaş bilin, insan qanı dökməyin, Bu dünyada bir qaşıq su çoq zalımlar boğmuşdur. Kimsəyə kin bağlamıyın, yigit olun, mərd olun, Vicdanınız elmas kibi nur saçaraq parlasın. Qonum-qomşu, yaqın-uzaq hər kəslə həmdərd olun, Qırıq gönülləri yapın, bıraqmıyın sızlasın. Zülmə hərgiz yaqlaşmıyın, doğru yoldan şaşmıyın, Tanrı haqdır, haqqı sevər, ədalətdən xoşlanır. Yaltaqlığa imrənməyin, kibrə hiç yanaşmıyın, Öz haqqını bilməyənlər ən sonunda daşlanır. Arslan kibi cəsur olun, fəqət haqsız çıqmayın, Haqsızlığa qarşı qoyun, bıraqmayın şımarsın. Zalımları, cəlladları çeynəyin, hiç qorqmayın, Türk milləti, görülməmiş, boyun büksün, yalvarsın. Baq! Şu yanda gülümsüyən yeni doğmuş ay nədir? Şəfəqlərin doğurduğu bir qızdır ki, hər yerdə Türk adını e’lan için bir səmavi aynədir, İştə! Bizim tariximiz… həm yerdə, həm göylərdə. Ey sevgili quzularım! Sizdən bən ayrılırkən, Bəndən sizə son vəsiyyət: hərgiz məhzun olmayın. Vicdanımla, namusumla yaşar, haqqı bilirkən, Güclükmü var himmətinə qavuşmaqda Tanrının!? Namus, vicdan insanlarda iki böyük qanatdır, Onlar ilə Adəm oğlu yüksək göylərdən aşar. Namus, vicdan bizlər için daimi bir həyatdır, Türk eli həp o hiss için doğmuş, onunla yaşar. Bir millətin tarixidir kökü, yurdu, yuvası, Tarixiniz baş ucundan hərgiz əskik olmasın. "Altay" dağı, "Makan" çölü, həm də "Yasın" ovası" Birər aydın səhifədir, hər türk gərək anlasın. Südü təmiz, əsil oğul bilməzmi ki, əcdadı Nasıl doğub yaşamışlar, nə ərliklər etmişlər. Bilməli ki, tez məhv edər zaman nankor evladı, Öz nəslini unutanlar çoqdan sönüb getmişlər. Bir millət öz kökü üstə bitər, böyür, yüksəlir, Köksüz ağac çabuq qurur, çiçək açmaz, bar verməz. Baqın, görün tarixiniz sizə nələr göstərir, Həp şərəf, həp böyüklükdür, ancaq şaşılar görməz. Mərd atalar yigitlikdə nam almamış yalınız, Ta əskidən onlarda var elm, hikmət həvəsi. Günəş kibi tarixləri parlatıyor, baqsanız, Səmərqəndin darülfünunları, rəsədxanəsi. Əvət, arslan yavrularım! Türk eli həp şanlıdır, Elmas kibi ləkəsizdir, saqın, qafil olmayın. Əsr, iyirminci əsrdir! Vəzifəsi pək ağır… Arş iləri! Qomşular yol aldı, geri qalmayın! * * * Qomşu çiçəyi Sarışın balkonun kənarında, Yazın atəşli zərbəsilə solub Fəri uçmuş beş-altı saqsı çiçək, Gah bihiss, gah titrəyərək, Bəkləyir mavigözlü bir mələyin Nurdan tökmə nazik əllərini. Həpsinin hüsni-pürqübarında Artıyor hər dəqiqə hüzni-qürub; Gələrək şimdi bir pəriyi-şəbab, Əldə bir dəsti eyliyor sirab; İştə bayğın baqışlı hər çiçəyin, Güldürür çöhreyi-mükəddərini. Nə qadar xoş... o nazənin rəftar! Nə dilaşub... o zülfi-zərrintar! Həp o simayi-şux, o nim nikah, O şəhamətli, atəşin gözlər Ruhi-əşarə bir təcəlligah Olaraq nuri-etila sərpər. Bir çiçəkdən seçilmiyor hərgiz, Həm də bir qönçədir ki, pək nadir... O gül əndamı iştə seyr ediniz! Pənbə güldən gözəl deyil də nədir?! Mütəsəvvirmidir ki, bir insan Onu görsün də olmasın heyran? * * * Qürubə qarşı Yanar ruhum dəmadəm, ruhi-məcruhum yanar, sızlar, Bütün aləm dəyişmiş sanki, həp qəsvətnüma, məhzun... Bütün ətrafı sarmış bir məlal; ağlar, cihan ağlar; Könül məhzun, hava məhzun, günəş məhzun, səma məhzun... Günəş, dilbər günəş sıyrılsa yalnız sisli çarşafdan, Olur zənnimcə hər kəs, hər könül bir an için xəndan. Günəş - əngin, nihayətsiz fəzanın nazlı sultanı, Niçin? Bilməm niçin çıqmaz o xəlvətgahi-ismətdən? Niçin afaqı sarmaz şöleyi-hüsni-zərəfşanı? Niçin mərhum edər hissü xəyalı feyzi-söhbətdən? “Niçin? Bilməm niçin!?” derkən, aman, ya rəb, nələr duydum!? Bulutlar sıyrılıb nagah müdhiş bir xəbər duydum: Günəş, heyhat!.. O, qəhrindən qızarmış qanlı bir sima Ki, hər bir nəzreyi-xunini bir dəhşət bəyan eylər. Əvət, hər nəzrəsindən bəlli bin əsrar, bin məna; Qopan hərbü vəğadan sanki yüz bin macəra söylər, Dəmadəm fışqıran atəşli, zəhragin dumanlardan, O gülgün çöhrə guya sarsılır, məhcub olur hər an. Əvət, dalğın günəş, tutqun günəş haqsız deyil, zira Bütün yirminci əsrin müstəid evladı həp zalim... Əyilməzkən mələk insanə, olmuş aqibət şeytan, Nədən şeytanə əbd olsun bu gün ali-nijad insan!? Cihan bir qətlgah olmuş, aman yoq zülmü vəhşətdən, Bu insan məzbəhindən kimsə çıqmaz, kimsə qurtulmaz. Bütün tarixi həp gözdən keçir ta bədi xilqətdən, Əvət, bir böylə hüznavar, ələmpərvər bahar olmaz. Könüllər qan, çiçəklər qan, bütün çöllər, çəmənlər qan, Dənizlər qan, bulutlar qan, hava qan, iştə hər yer qan... Böyük başlar dumanlanmış da, atəş püskürür hər an, Qılıclar, süngülər, toplar, tüfənglər gürləyib parlar. Nə istər bir-birindən anlaşılmaz sayğısız insan!? Olur məmurələr viran, qopar atəşli tufanlar. Fəqət bunlar, bu vəhşətlər, bu dəhşətlər niçin bilməm? Əcəb, xalimi insafü mürüvvətdən bütün aləm!? Bu qəsvətlər niçin bilməm? “Niçin? Ya rəb, niçin? derkən, Qopub bir seyhə, müdhiş bir səda, bir nəreyi hey-hey! Həmən sarsıldı ruhum, tüklərim ürpərdi dəhşətdən; Dəmadəm yıldırım, şimşək çaqar, patlardı peydərpey, Bu qızğın seyhə guya gürləyib söylərdi: - Ey qafil! Fəlakətsiz səadət, qayğısız rahət deyil qabil. Əmin ol, nerdə dirlik varsa, mütləq orda qavğa var; Bu bir qanuni-hikmət, sirri-xilqətdir ki, məhv olmaz. Basıb-kəsmək, yaqıb-yıqmaq azalmaz, daima artar; Bu bir baziçeyi-qüdrət ki, bundan kimsə qurtulmaz. Çalış həp qalib ol, mərd ol! Bu aydın bir həqiqətdir: “Cihan bir nazənin dilğər ki, yalnız mərdə qismətdir...” * * * Rəqs Ruhum yenə ləbrizi-səadət... Ya rəb, bu nə tufani-lətafət?! Göydən yerə enmiş kibi cənnət, Yer-yer saçılır nuri-məsərrət. Həp qol-qola pirşevqü şətarət Rəqs etmədə — azadeyi-sənət — Ərvahi-lətifi-mələkiyyət. Bilməm bu nə halət, nə qiyafət? Ya rəb, bu nə səfvət, nə səbahət! Həp şerlə əlhani-zərafət Məmzuc olaraq sanki bu saət, Qarşımda gülümsər əbədiyyət. Bu levheyi-ülviyyətə, əlbət, Röya deyəməm, eyni-həqiqət... Olmaz bu qədər nəşəli röya, Ruhum buna qane deyil əsla. Heyhat!.. Bu bir səhneyi-sevda... Bir səhneyi-sevda ki, sərapa, Məczub ona hər bir dili-şeyda, Ərvahi-məlaik belə guya Eylər onu həsrətlə tamaşa. Ənvarə bürünmüş kibi hər yer, Ahəngi-məsərrətlə gülümsər; Bin naz ilə hər çöhreyi-dilbər Ərz etmədə bir nəşeyi-digər; Gözlər, hələ gözlər, hələ gözlər!.. Ya rəb, nə qədər cazibəpərvər!? Ya rəb, nə qədər xariqəgüstər!? Titrək, dağınıq, şuxü füsunkar, Qumral, sarışın, dalğalı saçlar Ənzari-tamaşagərə yollar Mənsur olaraq bir yığın əşar, Gahi olub əzvaqlə sərşar, Pürxəndə edər hər ləbi-səhhar, Parlaq və bəyaz incilər isar. Əfsus ki, ömrüm kibi hər an, Hər xətvədə bu leyli-zərəfşan, Bir hiçliyə olmaqda şitaban, Həsrətlə baxıb iştə uzaqdan Dan yıldızı guya edər elan: “Yaqlaşmada artıq dəmi-hicran. Ey məsti-məhasin olan insan! Al! İştə günəşdən sizə fərman!..” * * * Şeir məftunu Pürhəvəs şerə mübtəla bir qız, Nura aşiq sevimli bir yıldız. Kəndi bir şer-pürməlahət ikən, Şerə bilməm bu incizab nədən?! Daima gözlərində şer oqunur, Gəliyor iştə, həm də pək məsrur... Göydən enmiş mələk kibi pürnur, Göyə çıqmış bəşər kibi məğrur... Bu nə fitrət! Nə hali vəcdəfruz? İştə hər bir ədası taqətsuz. Nə qədər şairanə bir sima! Həp gözəlliklər onda cilvənüma... Bir həzin kölgə var o saçlarda, Gecə qoynunda bəsləmiş guya. Nə müəlla bəşər? Nə nazlı mələk!.. Göydən əsla ayırmıyor gözünü, O bir afət, o bir sevimli çiçək Ki, öpər pənbə dalğalar yüzünü. Ona biganədir cahanda kədər, Daima şux, daima dilbər... Hüsnü eşq eyləsə təcəssüm əgər, Böylə bir qız qiyafətində gəzər. -İstanbul.* * * * Şərq qadını Mən nə idim? Şərqin əzilmiş qadını! (Bir az sükut...) Mən nə idim? Uf, onu heç sormayınız! Varlığım bir quru heç! Keçmişin ən qaba, ən vicdansız, Kirli dırnaqları qəhr etdi məni. Görmədim gün işığı; Doğduğum gündən — əvət — tarixin Paslı zəncirləri inlətdi məni. Hər tərəfdən qara bir mövhumat Pərdələr çəkdi həmən gözlərimə... Qoparırkən fəryad, Etdi qanun ilə din istehza Mənim öksüzcə qırıq sözlərimə. Yox, yalan söylədim, aldanmayınız; Vardı bir çox tapınanlar da mana Çünki pək dilbər idim, Süslü kaşanələrin qoynunda, Məni sarmışdı ipəklər, tüllər... Ağlayırdım gülərək, Alışıb məhbəsə, altun qəfəsə, Söndürürdüm qaba şəhvətləri mən... “Pək gözəlsən” — qaniçən sultanlar Məni əyləncə yapar, Çox zamanlar da bağışlar birinə, “Ən nəfis işvəli bir qüvvə” — deyə. Oh, nə miskincə həyat!? Yeri gəldikcə atarlar Nilə, Yaxud atəşkədəyə... Duyğusuz tanrıya qurban olaraq, Kül olurdum yanaraq, qıvrılaraq. Daha dəhşətli bəla, — çirkin isən, — Atacaqlar dərhal Bir çuxur, bir quyuya, bir kanala. Yapsalar hər qabalıq, alçaqlıq, Baş əyərdim susaraq of demədən... Bir zamanlar mən, əvət, bir heç idim, Qismətim sillə, dayaq, könlüm əsir, Bir böcəkdən də həqir. İmdi lakin o tikənlərdən uzaq — Gülərək, oynayaraq, Yaşamaq zövqünü duymaqdayım ancaq, ancaq... Yox, mən artıq sürünən heç deyilim, Parçalanmış da qaranlıqdan hörülmüş kəfənim, Gəmirilməz beynim. İştə ən şanlı üfüqlərdə uçan Şərqin azadə, gülər bir qızıyam; Uca həşmətli fəzalardan aşan Pənbə bir yıldızıyam!.. * * * Şeyx Sənan Oyan, ey piri-xoşdil! Qalq, ayıl bir xabi-rahətdən! Qiyamətdir, qiyamət!.. Qalq, oyan, zevq al bu fürsətdən. Mələklər göydən enmiş, feyz alırlar xaki-pakindən, Seçilməz şimdi əsla məqbərin gülzari-cənnətdən. Donanmış hər tərəf pürşölə yıldızlarla... caizdir Ki, Tiflis ərş pürəxtərlə dəm vursun rəqabətdən. Ayıl, ey şeyxi-vəcdavər! Ayıl, baq gör nə aləmdir? Cihan sərməst olub rəqs eyliyor şevqi-şətarətdən. Uyub sən bir mələksimayə satdın dini, imanı, Atıb ehkami-Quranı, uzaqlaşdın təriqətdən. Fəqət xoş bir təriqət qoydun, əsla məhv olub getməz, Cihan durduqca parlar, yüksəlir, düşməz təravətdən. Ziyarətgahını gülbusələr təzyin edər hər an, Sən əhli-eşq için bir Kəbə yapdırdın məhəbbətdən. “Nədir mənası eşqin?!” söyləyənlər nerdə? Bir gəlsin, Görüb qüdsiyyəti-Sənanı, lal olsun xəcalətdən. Məhəbbətsiz bütün mənayi-xilqət şübhəsiz hiçdir; Məhəbbətdir, əvət, məqsəd bu pürəfsanə xilqətdən. -Tiflis** * * * Sevinmə, gülmə, quzum! Sevinmə, gülmə, quzum, kimsənin fəlakətinə; Bu hal, əvət, eyi bir şey deyil, sevinmə, saqın! Sevinmə başqasının hali-pürsəfalətinə, Toqunma qəlbinə bikəslərin, zavallıların. İnan ki, bir acı söz, bir baqış, bir incə gülüş Kədərli, sıtmalı bir qəlbi tırmalar, yaralar. O qəlb avunsa da, aldanma, incinib küsmüş, Sağalmaz iştə o, yıllar keçər də həp sızlar. Toqunma, ruhum! Əvət, kinlidir fələk, bir gün Qızar, həmən gücənib intiqam alır səndən. Bu gün gülən yarın ağlar, saqın öyünmə, düşün! Düşün də munis ol! İncitmə, qırma kimsəyi sən!.. * * * Solğun bənövşələr Bir müsamirə xatiratından. Boynu bükük, ey öksüz mənəkşələr! Ah nə çapuq saraldınız, soldunuz? Nerdə o dünkü sevdalı nəşələr? Nədən böylə həp pərişan oldunuz? Şəfəqdən doğma ləbləri öpərkən, Siz ki bəxtiyarca gülümsərdiniz. Yoqsa o nurdan dökülmüş əllərdən Ayrılınca, çiçəkləndi dərdiniz? Gözəl, hər halınız gözəl... Daima Xəstə gönlüm oqşar sizi, alqışlar; Uf, nədənsə pək doqunur ruhuma Vərəmli çöhrələr, məhzun baqışlar... * * * * * * Son baharda -Həmşirəzadəm için* Kədərli, sisli bir aqşamdı, ağlıyordu səma; Bütün üfüqləri sarmışdı möhtəriz, məhcub Bulutlar... iştə o matəmnisar dəmdə bana, Uzatdı dəsti-qəza pək acıqlı bir məktub. O bir kitabeyi-məqbərdi, eyləyincə nəzər, Gözüm qarardı, təəssürlə münfəil, məbhut. Düşündüm, ağladım artıq o şəb sabahə qədər, Gözümdə dalğalanıb durdu süslü bir tabut. Sənin o nuri-təbəssüm saçan dodaqlarını, O nazlı çöhrəni andıqca tirə oldu xəyal. İnanmaq istəmiyordum ki, gül yanaqlarını Əcəl xəzan kibi çöksün də eyləsin pamal. Yazıq!.. O yaşda kim ümid edər ki, böylə, sənin Bahari-hüsnün olur zib hicləgahi-ədəm? Doquz yaşında umulmaz bir iftiraqi-həzin! Əcəb şükufeyi-sevdamisin? Nəsin? Bilməm... Niçin, niçin solu verdin, zavallı Məsuməm? Yaraşmıyor o kəfən duşi-nazəninində! Nədir o çini-müəbbəd, quzum, cəbinində? Bu kainatə nədən küsdün, ey mələk, bilməm!? Nədən həyatə gücəndin? Bilinmiyor səbəbi; Xudamı gördü səzavar qürb rəhmətinə? Kitabi-hüsnünü bir şer naşinidə kibi, Oqur-oqur, doyamazdım onun səbahətinə. Anar o dəmləri bən şimdi müztərib, düşkün, Kamali-yəslə tiflanə ahü zar edərim. Səninlə, baq, sənin alami-həsrətinlə bu gün, Ənini-matəmə bənzər bütün nəşidələrim. Gözümdə şimdi cihan bir sərabi-giryənümud... Bütün təbiəti sarmaqda bir məlalü kədər; Sevimli, tazə çiçəklər olub xəzanalud O hüsni-naimi-cavidə sanki matəm edər. Yarın sənin kibi onlar da həp sönüb bitəcək, Bu gündən iştə o solğun, vərəmli çöhrələri, Yarınki levheyi-matəmgüzini ərz edərək, Deyir ki, hər fərəhin var sonunda bir kədəri. Əvət, gözəl mələyim! Hər səfa ələmlə bitər; Bu bir lətifeyi-qüdrət, bu bir həqiqətdir. Fəqət bahari-şəbabında bir şükufeyi-tər, Açılmadan saralıb solsa, mütləqa acınır. Bu nüktə, iştə, budur ruhumu müəzzib edən, Düşündürən bəni ancaq bu... yoqsa inləyərək, Sönən həyati-bəşər sadə bir təhəvvüldən, Bir inqilabi-həzindən ibarət olsa gərək... * * * Türk əsirləri Erkək, qadın, əsgər, çocuq, ixtiyar — Əsir — deyə, minlərcə türk övladı: İssız bir adanın qoynunda sızlar, Sorulmaz dərdi, duyulmaz fəryadı. İştə kinli bir məzarlıq ki hər gün Yığın-yığın insan udar da, doymaz; Sağlam vücudlar belə düşgün, ölgün, Ümidsiz bir heykəldən fərq olunmaz. Gülümsərlər, fəqət həp gözlərində İntiqamlı şimşəklər çaxar, durur. Çırpınırlar, solmuş bənizlərində Bir çox gizli, sönük əməllər uyur. Yalnız soyuq, yağmur, boran, fırtına Oxşar durur bu məhzun könülləri; Üryanlıq, xəstəlik, aclıq bir yana, Susuzluqdan həp qurumuş dilləri. Amansız qartalın vəhşi dırnağı Məsum yavruları didib parçalar. İştə ədalət! İlanlar yatağı İnsanlara məskən verilmiş qərar. Nerdə o sərxoşlar ki həp “qardaşlıq, Birlik, bərabərlik” deyə sayıqlar. İştə bir vəhşət ki, çəkilməz artıq, Dost deyil, düşmən belə görsə ağlar. Ey türk eli! Ey milyonlar ölkəsi! Saqın duyma nədir bu hal, bu dəhşət; Titrətməsin səni bu qardaş səsi, Korluq, sağırlıq o da bir səadət!... * * * Uyuyor Əsmə, dur! Əsmə, ey nəsimi-bahar! Uyuyor, yari-işvəkar uyuyor. Dalğalandıqca zülfi-zərrin tar, Sarıyor pənbə hüsnü altın nur. O gözəl çöhrənin əsiri ikən, Əcaba, qısqanırmısan bəndən?! Əsmə, bir dur! Bıraq, bıraq uyusun Nevbaharın şu nazənin qızını. Ötüşən quşlar! İştə siz də susun! Susun artıq! Şu zöhrə yıldızını Seyr edin iştiyaqü həsrət ilə, Bu gözəl levhə sonra düşməz ələ. Bu çiçəklikdə, siz əmin olunuz, Böylə bir gül yetişməmiş əsla. Kim bilir, düşsə cənnətə yolunuz, Bulunur bəlkə böylə bir sima, Bulunur bəlkə böylə bir afət! O da şayani-şübhədir, əlbət... Günəş! Ey xilqətin gözəl gəlini! Uyuyor iştə nazlı həmşirən! Sən də dur! Saçma bir ziyalərini, Sən də bir an için çəkil, gizlən! Bir az əylən bulutlu dünyadə, Mane olma bu tifli-nevzadə. Bəstəri-nazi həp çiçəklərdir, Oxşayor iştə gül yanaqlarını. Yeşil otlar öpər dəqiqədə bir Pənbə, tombul, lətif ayaqlarını. Axışıb ən küçük sular xəndan, Ninni söylər o şux için hər an. Uyuyor... bixəbər şu vəlvələdar, Şu səfasız,vəfasız aləmdən. Uyuyor... baq nə xoş, gülər yüzü var, Şaşırır şübhəsiz bu halı görən. Şimdi röyadə kim bilir, bu mələk, Hanki aləmdə əylənir gülərək. Uyuyor... pək sevimli, pək məsum, Bir çocuq ruhu var şu fitrətdə. Hələ rast gəlməmiş bu taleyi-şum Böylə bir nazəninə xilqətdə. Hüsni-mütləq enərsə yer yüzünə, Qonar ancaq bunun gülər üzünə. Uyuyor... Of! Ey bəlalı könül, Çırpınıb durma! Sən də sus artıq, Vurma, sus! İştə susdu həm bülbül. Dur, həyatım da getsə, dur azacıq, Uyuyor çünki aşinayi-xəyal, Uyuyor çünki qayeyi-amal... * * * Verdim o gün ki, zülfi-pərişanə könlümü Verdim o gün ki, zülfi-pərişanə könlümü, Saldı nigar o zülfdə zindanə könlümü. Yalvardım əczinən ona, bəlkə xilas edə, Zənciri-zülfə bağladı divanə könlümü. Hər qədr uydum ol büti-tərsa cəmalinə, Yandırdı şəmi-hüsnə çü pərvanə könlümü. Gülzari-hüsnə Yusifi-dil çıxdı seyr edə, Saldı o yar çahi-zənəxdanə könlümü. Etdikcə mən məhəbbət o kafər balasına, Etdi cəfayi-naz ilə viranə könlümü. Vəslə yetirməyib, gecə-gündüz fəraqdə, Təbdil edibdi laləsifət qana könlümü. Bəzmi-vüsalə həsrəti-ümmidvar idim, Saldı bəlayi-firqətə məstanə könlümü. Gülçin binəva idim, oldum müridi-şeyx, Yandırmışam mən atəşi-hicranə könlümü. * * * Vərəmli qız Sarı gül! Ey şikəstə, solğun nur! Niçin aludeyi-xəyal oldun?! Çeşmi-nazində başqa rəmz oqunur, Söylə, bir söylə, sən niçin soldun?! Düşünüb durma böylə incə, dərin; İncəlik, ya dərinlik afətdir. Nerdə əvvəlki tatlı cilvələrin? Bu nə halət, nasıl qiyafətdir!? Bən dilərdim ki, cümlə züvvarın Sana həmşireyi-səfa deyələr! Niçin ağlar nigahi-bimarın, Səni qoynunda bəsləmişmi kədər?! Ah... bilməm nə sehr var səndə, Könül ancaq səninlə nəşə bulur. Sən mələksin, təvərrüm etsən də, Yenə ruhum sənin əsirin olur. * * * Xuraman-xuraman Pənbə, şəffaf, ipəkli bir çarşaf, Lərzişi-səfvətilə hər saət Ruhi-məcruhə eyliyor ithaf. Nazənin bir fəriştə, bir afət. Bu təsəttür nasıl da cazibədar! Bunda pək incə bir lətafət var. Sanki bir nevşükuftə gül fidanın Pənbə tüllər əhatə qılmışdır. Ya ki bir kevkəbi-dirəxşanın Üstünü həp şəfəqlər almışdır. Mən açıq şerdən də həzz edərim, Fəqət ən gizli şeri pək sevərim. Açaraq sivrilir çoq afətlər, Saf və azadə sanki bir zanbaq... Sən əmin ol ki, ey şükufeyi-tər, Gülə pək başqa fər verir yapraq! Söylə! Dünyada hanki sənətkar, Kölgəsiz bir rəsimdə sənət arar!? O vücudi-lətifi qoy sarsın, Nurdan işlənən ipək tellər. Bəncə məğrurü möhtəriz baqışın Ruhu təltif için kifayət edər. Örtün! Örtün... Fəqət unutma, saqın! Sənin açmaq zamanın: iştə yarın!.. * * * Yadi-mazi Mazi!.. O gözəl xatireyi-şövqü şətarət, Hər an oluyor hafizəpirayi-təhəssür. Ati!.. O qaranlıq gecə, pürteyf mərarət, Daim eləyir ruhumu ləbriri-təəssür. Hərdəm nəzərim maziyi-pürnəşvəyə nazir, Cuşiş veriyor könlümə hala o mənazir. Hala o mənazir, o üfüqlər, o səmalər!.. Ruhumda oyandırmada min sübhi-rəbii. Təqib edərək bir-birini leyl-səfalər, Əyyami-ələm əqlimə gəlməzdi təbii. Bir ləhzə düşünmək nədir anmazdım o dəmlər, Yaxmaqda bu gün ruhumu suzişli ələmlər. Hər şey mənə xəndan görünürdü o zamanlar, Oxşardı kiçik qəlbimi həp tazə çiçəklər. Pərran idi bir yanda təbərza kələbəklər, Guya sevişirlər, öpüşürlərdi həp onlar. Gülqönçələr eylərdi səhər vəqti təbəssüm, Bülbüllər isə həpsi yekavaz tərənnüm... Əflakə baxarkən məni məftun ediyordu, Parlaq günəşin mənzəreyi-şəşəədarı. Axşam duramaz, qərbə müsafir gediyordu, Şərqin o gözəl bakireyi-ləmənisarı. Lakin gecə bir başqa tamaşa buluyordum, Yıldızlara heyrətlə baxıb şad oluyordum. Yıldızlara heyrətlə baxar, öylə sanırdım, Həp tazə gəlinlər gəzinir ruyi-səmadə. Bir heykəli-sevda kimi pürşölə sanırdım, Gördükcə o məhzun qəməri seyrü səfadə. Hər mənzərə minlərcə lətafət saçıyordu, Guya ki, bədaye mənə ağuş açıyordu. Əfsus!.. O gözəl günləri etdikcə təxəttür, Coşmaqda bu gün duyğularım böylə dəmadəm. Məhv etmədə imdi məni alami-təhəssür, Hərdəm qara xülyalar olub qəlbimə məhrəm. Lərzan eləyir ruhumu min dürlü məzalim Əfsus... ki, mazi ədəm, ati isə müzlim... * * * Yaş zindanlar yuvamız Yaş zindanlar yuvamız, Fəlakət aşinamız. Ordular yıxan qurşun, Olmuş bizim qidamız. Arkadaş, göz aç, aman, Qalx ölüm uyqusundan. Zülmə çox əydin boyun, Çox əzildin, qalx, oyan! ...Arkadaş, ayıl bir an, Haqsıza olma qurban. Yetər, miskinlik yetər, Qalx! Oyan, oyan, oyan!.. * * * Kitabxana.az · https://kitabxana.az/collections/cavid-seirler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1941). Public domain (author died 1941). Original text only.