Şeyx Sənan Hüseyn Cavid (1882–1941) Şeyx Sənan ƏŞXAS Şeyx Kəbir – fəzilət və irfanilə, irşad və ictihadilə məşhur, ağsaqal və nurani bir mürşid. Şeyx Əbuzər – Şeyx Kəbirin ailəsinə məhrəm, ev işlərinə nəzarət edər bir ixtiyar. Zəhra – Şeyx Kəbirin qızı. Əzra – Zəhranın rəfiqəsi, Şeyx Əbuzərin qızı. Şeyx Sən’an – otuz yaşında, xoşsima bir tələbə. Şeyx Hadi Ş e y x S ə d r a – Şeyx Sən’anın yaqın arqadaşları. Əbülüla Şeyx Mərvan – təkgözlü, orta yaşlı bir şəxs. Şeyx Nəim – Şeyx Mərvanın məsləkdaşı. Şeyx Əbülləhyə orta yaşlı, iki zahidməslək arqadaş. Fəqət Əbdülləhyə Şeyx Cəfər nin saqalı aşırı dərəcədə uzundur. Oğuz – iki gürbüz dəliqanlı Özdəmir – iki gürbüz dəliqanlı Dərviş – nurani bir ixtiyar. İki kor ərəb, dəvəçi, mələklər, sair şeyxlər və müridlər. Xumar (Tamara) – olduqca gözəl və mə’sum ruhlu bir gürcü qızı. Nina – Xumarın rəfiqəsi. Anton – şıq dəliqanlı. Simon – şıq dəliqanlı. P l a t o n – Xumarın babası. Serğo – Platonun xidmətçisi. Papas – sağlam vücudlu, mühib simalı bir keşiş. S a i r d ə l i q a n l ı l a r , q ı z l a r və ço c u q l a r ... Ş e y x l ə r və m ü r i d l ə r – ərəb qiyafətində; gürcülər isə əski gürcü qiyafətindədirlər. * * * Birinci pərdə -I SƏHNƏ** -Mədineyi-Münəvvərədə, Şeyx Kəbirin evində üləmayə məxsus bir qəbul odası... Odanın iki qapısı, üç-dört pəncərəsi var. Qapının biri Şeyxin hərəmxanəsinə açılır. Pəncərələrdən ikisi xurmalıqdan ibarət gözəl bir bağça ərz edər. Pərdə açıldıqda, Şeyx Əbuzər odanın bir guşəsində ikindi namazını bitirmiş, əlləri və yüzü göyə doğru duaya məşğul görünür.* Z ə h r a (Əzra ilə bərabər hərəmxanə qapısından daxil olaraq) Şeyx, ya Şeyx! Ə z r a Şeyx! Şeyx Ə b u z ə r (niyazkar) Ya Allah! Z ə h r a Bana baq... Şeyx Ə b u z ə r (mütəvəkkil) La ilahə-illəllah! Z ə h r a (yaqlaşaraq) Şeyx Əbuzər! Şeyx Ə b u z ə r (dönərək) Nədir, qızım? Z ə h r a Əl’an, Bir xəbər yoqmu Şeyx Sən’andan? Şeyx Ə b u z ə r İki-üç dəfə getdim evlərinə... Z ə h r a Əcəba xastalanmamış ki yenə? Şeyx Ə b u z ə r Qomşular söylüyor ki, həp gecələr Uyumaq bilmiyor sabahə qadar. Qoşuyor hər səhər biyabanə, Həm də əsla qarışmaz insanə. Halı pəjmürdə, sanki bir məcnun; Anlaşılmaz nədir məramı onun?! Şaşırır həp Mədinə əhli bütün Onu gördükcə müztərib, düşkün. Z ə h r a Nə olur? Bir də get, rica edərim. Şeyx Ə b u z ə r Pəki, gedərim. (Qalqıb gedər. Çıqdığı sırada mə’nalı bir baqışla Zəhraya baqaraq) Bunda bir sirr var, edilməz faş, Nə için, anlamam, əcəb bu təlaş!? Ə z r a Bu məraq İştə fəzlədir, Zəhra! Z ə h r a Sorma, hiç sorma, nazənin Əzra!.. Ə z r a Səndə bir öylə hüsnü cazibə var, Ki olur, hər görən pərəstişkar. Səni Sən’an arar da kəndi bulur, Daima eşq hüsnə mail olur. Z ə h r a Qalmamış bəndə zərrə səbrü qərar, Bana Sən’ansız olmuş aləm tar. Altı yıldır ki, zarü dərbədərim, Həp onundur məsərrətim, kədərim. Altı yıldır əsirü mədhuşim, Onun eşqilə məstü bihuşim. Azacıq bəndə varsa hüsnü cəmal, Onda həm hüsn var, həm elmü kəmal. Ə z r a Kimsəsiz bir zavallıdır Sən’an, Səndə vardır fəqət nəcabətü şan. Bir baban var, cihanda şöhrətgir: Fazili-binəzir, Şeyx Kəbir. Z ə h r a Doğru, pək doğrudur sözün, lakin, Bəncə mə’nası yoq həsəb-nəsəbin. Qara quldan da alçaq olsa, inan, Yenə bəndən şərəflidir Sən’an. Ə z r a (pəncərəyə baqaraq) Gəliyor, İştə, gözlərin aydın... Z ə h r a (şaşqın) Kim? O kimdir? Ə z r a (əlilə göstərir) Zavallı pək dalğın... Z ə h r a (baqaraq) Ah, Sən’an! Nasıl da halı fəna!.. Bizi yalnız bıraq da... (odadan çıqdığı sırada Əzraya) Sonra sana Söylənir, şübhəsiz bütün əhval. -Böyük bir təlaş içində qapıya yaqın bir guşədə bəklər. Şeyx Sən’an daxil olub baqınır. Zəhrayı görüncə halı dəyişir.* Söylə, Sən’an, nədir bu müdhiş hal? -Şeyx Sən’an sükut edər.* Nə bəla var başında? Söylə, nə var? -Şeyx Sən’an cəvab verməz.* Söylə, aç söylə... Şeyx S ə n’ a n Etmə gəl israr. Z ə h r a Səndə var bəlli, bir yığın əsrar. Söylə, aç söylə, bivəfa, qəddar! Nə qiyafət bu? Sanki ağlarsın? Şeyx S ə n’ a n Şimdi get, sonra, sonra, anlarsın. Z ə h r a Bəndə bilməm nədir bu taleyi-şum! Sana halım deyilmidir mə’lum? Altı yıldır sənin əsirin ikən, Şimdi biganəyimmi gönlünə bən? Nə təbiət bu səndə? Həm nə tuhaf! Yoqmudur səndə mərhəmət, insaf? Nerdə əvvəlki və’dlər əcəba? Əcəba yoqmu, yoqmu, səndə vəfa? O məhəbbətlə parlayan gözlər, Şimdi bir başqa macəra söylər. Qalmamış bəndə zərrə tabü təvan, Məni qəhr et də, lakin atma, aman!.. Şeyx S ə n’ a n Səni atmaqmı!? Bir düşün, əcəba Bu olur şeymi, nazənin Zəhra? Sən mələksin, sevimli afətsin... Z ə h r a (Şeyx Sən’ana sarılaraq) Ah, sən xaliqi-fəzilətsin. -Bu sırada səhnənin işığı çəkilir, ta ucda ikinci pərdə qalqar. Azacıq yüksəkdə, olduqca şairanə, cazibədar, behişti bir mənzərə görünür. Altın qanatlı mələklər əl-ələ, qol-qola olaraq incə qəhqəhələrlə gülüşüb gəzinirlər. Təbii, mələk qiyafətində olan Xumar da onların içində bulunur.* X u m a r Şeyx, gəl-gəl! Sevimli Sən’an, gəl! Sana layiq deyil o yer, yüksəl! Şeyx S ə n’ a n (şaşqın və həyəcanlı) Ah, o... Cənnət pərisi, nazlı mələk! Bana yüksəl diyor gülümsəyərək. Z ə h r a Söylə, Sən’an, nə var? Nə oldu yenə? Əcəba kim göründü gözlərinə? Şeyx S ə n’ a n Baq da gör, İştə cənnət, İştə mələk! Z ə h r a Nerdə? Şeyx S ə n’ a n Baq, dinlə, şimdi söyləyəcək. -Zəhrada dərin bir heyrət.* X u m a r (Şeyx Sən’ana) Durma, yüksəl, ənisi-ruhum, gəl! Mütərəddid görünmə! Gəl, yüksəl! Oqunur gözlərində nuri-dəha, Yüksəl, ey şeyx! Gəl, düşünmə daha!.. Şeyx S ə n’ a n Of, bəndən nə istiyorsun, get! Bəndə can qalmamış, bir insaf et. -Xumar qürur və istiğna ilə gedəcək olur. Şeyx Sən’an böyük bir təlaş və nədamətlə.* Gediyor... a-h... getmə, atma bəni! Mərhəmət qıl, aman, unutma bəni! Getdi, eyvah, getdi... Z ə h r a Sən’an, kim? Şeyx S ə n’ a n (Xumara) Getmə, gəl a-h, nazənin mələgim!.. X u m a r (çəkilərək) Qal, səlamətlə qal, böyük Sən’an! Ucdakı pərdə qapanır, səhnə aydınlaşır. Şeyx S ə n’ a n Getdi, eyvah, küsdü getdi... Aman! -Məcnunanə bir ıçqırıqdan sonra bayğın bir halda düşəcək olur.* Z ə h r a (dərhal tutar, başını dizi üstünə alaraq) Nə fəlakətli hal, aman, ya Rəb! Ə z r a (gələrək) Bu nə dəhşət! Nədir bu halə səbəb? -Bu sırada Şeyx Mərvan ilə Şeyx Əbuzər qapı arasında görünür.* Şeyx M ə r v a n (istehzalı bir tövr ilə) Şeyx Əbuzər! Baq, İştə seyr eylə. Hər nə gördünsə get də aç, söylə. Olmuş ağuşi-nərmi Zəhranın Bəstəri-nazi Şeyx Sən’anın. Ə z r a (bunları görüncə Zəhraya) Gəldilər a-h, aman, çabuq gedəlim. Durma, Zəhra!.. Z ə h r a Fəqət, yazıq!.. Ə z r a Gedəlim! -Hər ikisi çəkilib gedər. Şeyx Əbuzərlə Şeyx Mərvan haman Sən’anın üstünü alırlar.* Şeyx Ə b u z ə r Bu nə pəjmürdə hal... Aman, Sən’an! Şeyx M ə r v a n Büsbütün hiylədir, inan... Şeyx Ə b u z ə r Sən’an! Şeyx M ə r v a n Xain, alçaq! Nasıl da baq, susuyor? Sanki bir tilki seyd için pusuyor. Şeyx Ə b u z ə r Sus bə! Şeyx M ə r v a n Aldanma tilkidir, tilki. (acı-acı gülər) Şeyx Ə b u z ə r (hiddətli) Nə təbiət bu səndə, bilməm ki!.. Şeyx M ə r v a n (müstəhzi) Əhli-hal eşq için əvət, bayılır, Haydı, Zəhrayı get, çağır, ayılır. Şeyx Ə b u z ə r Sus, yetər, iştə gəldi Şeyx Kəbir. Şeyx M ə r v a n Gəlsin, etsin də barı bir tədbir... -Şeyx Kəbir digər şeyxlər və müridlər ilə daxil olur. Böyük bir heyrətlə ətrafı sararlar. Şeyx Hadi Şeyx Sən’anın başını qolları arasına alır.* Şeyx K ə b i r Bu nasıl bət-bəniz? Oğul, Sən’an! (Şeyx Əbuzərə) Su gətir, haydı qoş! Şeyx H a d i Gecikmə, aman! Şeyx Əbuzər gedər. Şeyx Kəbir Hiç səbəbsiz deyil bu müdhiş hal!? Şeyx H a d i Nə də bayğın!.. Yoq onda tabü məcal. Şeyx K ə b i r Şübhəsiz, burda bir fəlakət var. Ü m u m Şübhəsiz, şübhəsiz bir illət var. Şeyx M ə r v a n Şübhəsiz, var cəzası hər əməlin, Hiç zərər yoq, cəzasıdır çəksin. Şeyx K ə b i r (hiddətli) Söylə, Mərvan, nasıl cəza? Nə əməl!? Şeyx M ə r v a n Möhtərəm Şeyx! Altı gün əvvəl Vardı Sən’anla bir mübahisəmiz, Bağırıb söylüyordu pərvasız; “Olsa me’rac, olur da ruhani, Həp yalandır üruci-cismani. Bir bəşərdir, diyordu peyğəmbər, Hiç görülmüşmü çıqsın ərşə bəşər?” Ü m u m (heyrətlə) Allah, Allah! Şeyx H a d i Saqın, inanmayınız! Çünki Sən’anı söylətən yalınız Şübhədir... Yoqsa şübhədən başqa Yoq onun bir qüsuru, yoq əsla. -Su gəlir, həm Sən’anə içirir, həm də başını avuşdururlar.* Şeyx K ə b i r Şübhədir hər həqiqətin anası, Şübhədir əhli-hikmətin babası. Şübhə etməkdə haqlıdır insan, Çünki hər kəscə bəllidir: Yaradan Hər zaman, hər tərəfdə nurəfşan, Fərqsiz onca həp zamanü məkan... Ona məxsus yoqsa bir mə’va, Ərşə çıqmaqda varmı bir mə’na? Şeyx N ə i m Sadə me’racı etmiyor inkar, Hələ tövhid için də şübhəsi var. Söylüyor: “Görməyincə xaliqi bən, İctinab eylərim pərəstişdən”. Şeyx M ə r v a n Bu zəlalətdir İştə... Şeyx H a d i Sus, sən sus! Şeyx M ə r v a n Sanki bən susdum, öylədir, əfsus. Şeyx K ə b i r (böyük bir dalğınlıqdan sonra) Şübhə artarsa, həm yəqin artar, Mə’rifət nuru şübhədən parlar, Zənn edərsəm yanılmıyor Sən’an, Çünki xəllaq için şərəfli məkan Eyi, parlaq könüllər olsa gərək... Kim ki, Allahı istiyor görmək, Arasın qəlbi-tabnakində, Arasın kəndi ruhi-pakində, Hər kimin qəlbi, ruhu düzgündür, Daima hiss edər də haqqı görür. Feyləsufanə ruha malik olan Yaşamaz ayrı hərgiz Allahdan. -Şeyx Sən’an gözlərini açaraq donuq bir vəziyyətlə baqınır.* Şeyx K ə b i r “Və minəl mai külli-şey’ün hey” Şeyx H a d i Su ilə canlanır, əvət, hər şey. Şeyx S ə n’ a n Of... Şeyx H a d i Sən’an! Şeyx K ə b i r Nasılsın, evladim? Ü m u m Çoq şükür!.. Şeyx M ə r v a n (Sən’ana) Tutduğundan ol nadim, Bir də hiç şübhə etmə!.. Şeyx S ə d r a (Mərvana) Sus, yahu! Şeyx S ə n’ a n (oturaraq, bitab) “Vəhdəhu la ilahə illa hu” Şeyx K ə b i r (Şeyx Mərvana) Hiç utandınmı? Şeyx H a d i (hakəza) Var sözünmü yenə? Şeyx N ə i m Hələ “Şəqqülqəmər” hekayəsinə, Veriyor başqa dürlü bin mə’na. Şeyx K ə b i r (Nəimə) Yetişir, sən də sus!.. Şeyx H a d i (yana) Səfil, ədna!.. Şeyx M ə r v a n (Nəimə, xüsusi) Hələ, Zəhra!.. Şeyx N ə i m Nasıl? Şeyx M ə r v a n Tuhaf bir sirr, O da bambaşqa bir rəzalətdir. Şeyx K ə b i r (mırıldanmaqda olan Şeyx Mərvan ilə Şeyx Nəimə) Böylə dar ruha malik olduğunuz Hiç də layiq deyil... Yetər, susunuz! (dirsəklənib oturmaqda olan Sən’ana) Söylə, Sən’an, nə var? Nə oldu sana? Şeyx S ə n’ a n Möhtərəm Şeyx! Sorma, hiç sorma! Şeyx K ə b i r Nerdəsin? Üç gün oldu müntəziriz, Söylə, bir söylə... Şeyx S ə n’ a n (məhcub) A-h, əfv ediniz. Şeyx Kəbir Yaşamaqçin hicab qorquludur, Utananlar pək az müvəffəq olur. Bu sıqılmaqda bəncə yoq mə’na, Hər nə var, hiç çəkinmə, söylə bana. Şeyx S ə n’ a n Çünki dəhşətli gördüyüm rö’ya... Şeyx K ə b i r Söylə... Şeyx S ə n’ a n Hiç varmıyor dilim əsla. -Bu sırada Zəhra ilə Əzra yarı açılmış qapı arasında görünərək onları böyük bir məraq ilə dinləyib dururlar.* Şeyx H a d i (Sən’ana) Bu tərəddüd, inan ki, bicadır. Şeyx K ə b i r Bir həqiqət deyil bu, rö’yadır. -Şeyx Sən’an yerindən qalqaraq rö’yasını söyləməyə başlar. Şeyx Kəbir onun sözlərini dinləyərək yeri gəldikcə başını təhərrüklə təsdiq və dəvam əlamətləri göstərir.* Şeyx S ə n’ a n Ey böyük Şeyx! Gördüm ətrafi Sarıyor incə, xoş bir aydınlıq. Gecənin sanki xəndeyi-safi Saçıyor kainatə bayğınlıq. Ruhu təsxir edən gözəl məhtab, Dəmbədəm nəşr edərdi mevceyi-nur, Gəldi bir şeyx o dəm yüzündə niqab, Bəni ta gördü, oldu pək məsrur. Sanki bir tifl idim... Qucaqlayaraq Bir zaman öpdü, sevdi, hoplatdı. Sonra omzunda çoq atıb tutaraq, Gah gəzdirdi, gah oynatdı. Aqibət bən o möhtərəm şeyxin Sillələr endirib də yüz-gözünə, Əylənirdim... xilas edilmək için, Xeyli yalvardı, baqmadım sözünə. Azacıq keçdi, şeyxi-namə’lum, Bir də gördüm diyor ki: “Baq, Sən’an! Baq nə müdhiş, nasıl dərin uçurum. İştə son mənzil! İştə Gürcüstan!” Baqdım eyvah, atıb da boynundan, Bəni bir an içində məhv edəcək. Bağırıb Haqdan istəyincə aman Qoşdu imdadə bir ziyalı mələk... Şeyx K ə b i r Sonra? Şeyx S ə n’ a n Ta şeyxə eylədim diqqət, Bəni titrətdi bir dərin heyrət. Şeyx K ə b i r Əcəba kimdi şeyx? Şeyx S ə n’ a n Sorma!.. Şeyx K ə b i r Niçin? Şeyx S ə n’ a n Sən idin ah, o şeyx, əvət, sən idin. -Hər kəsdə böyük bir heyrət. Şeyx Kəbir isə mə’nalı bir tərzdə başını təhərrüklə, bir qadar sükut ixtiyar edər.* Bəni, şeyxim, bağışla, mə’zurim; Çünki məğdur, həm də mənfurim. Şeyx M ə r v a n (yarım səslə Nəimə) İştə gördünmü? Baq, nasıl xain!.. Şeyx N ə i m (Şeyx Kəbiri göstərərək, eyni ahənglə istehzalı) Baqalım, bir nə söylüyor kahin! Şeyx H a d i (Sən’anı təsliyətlə) Bunca dəhşət, inan ki, bicadır. Şeyx S ə d r a Hiç təlaş istəməz, bu rö’yadır. Şeyx K ə b i r (Sən’ana) Oğlum! Er-gec tutar cihanı adın, Söylənir ictihadü irşadın. Cahil-arif, böyük-küçük yeksər, Səni özlər, sevər, pərəstiş edər. Bəni bir gün gəlir də xalq unutub Sana həp əhli-hal olur məczub. Hər kəsdə qibtəli bir heyrət. Şeyx H a d i (arqadaşlarına) Bu nə tale, nasıl məziyyətdir?! Şeyx S ə d r a -Şübhəsiz ən böyük səadətdir.* Ə b ü l ü l a Kimsə bir böylə şanlı gün görməz... Şeyx K ə b i r Bu səadət fəqət uzun sürməz. (Sən’ana) Çünki rö’yada gördüyün uçurum Səni eylər bu feyzdən məhrum, Baş verir səndən öylə bir hərəkət Ki, bütün xalq edər həman nifrət. Alçalır, ruhun alçalır... Ancaq, Səni alçaldan ehtiras olacaq. Şeyx M ə r v a n (Nəimə) Bu, fəzilət deyil, rəzalətdir... Şeyx N ə i m (Mərvana) Bu, səadət deyil də, zillətdir. -Şeyx Sən’an məbhut bir halda azacıq düşünür. Sonra ağlayacaq dərəcədə bir tutqunluqla Şeyx Kəbirin ayaqlarına qapanır. Şeyx Kəbir onun qolundan tutub qaldırır və əlini omuzuna qoyar.* Şeyx K ə b i r Səni annən doğurdu Turanda, Yaşadın bir zaman da Iranda, Kəsbi-irfan için, fəzilət için Sonra Iranı tərk edib gəldin, Ərəbistanı ixtiyar etdin. Gənc ikən kəsbi-iştihar etdin. Lakin ən son yerin, zəki Sən’an! Olacaq son nəfəsdə Gürcüstan. Qapılıb hissə olmasan gümrah, Olacaq məqbərin ziyarətgah. Şeyx S ə n’ a n Şeyxim, əfv et, fəqət bir ərzim var. Şeyx K ə b i r Söylə, yavrum, sıqılma, yoq icbar. Şeyx S ə n’a n Hanki şeydir səbəb fəlakətimə? Onu mümkünsə, söylə, gizlətmə! Z ə h r a A-h!.. Şeyx K ə b i r O yalnız qadındır, İştə qadın! Şeyx M ə r v a n (istehzalı bir tövr ilə Şeyx Əbuzərə) Söylə Zəhrayə: “Gözlərin aydın!” Şeyx S ə n’a n (göyə doğru) Ey böyük Tanrı, ey böyük Yaradan! Hər qulun halı, fikri səncə əyan. Bəni səndən gözəl bilən, tanıyan, Varmı, ey xaliqi-zəminü zaman! (Şeyx Kəbirə) Bən otuz yıl cihanda zahidvar, Bilmədim qız-qadın nədir zinhar. Nə qadar bəndə varsa hissü həyat, Ehtirasatə düşmənim... heyhat! Bana biganə, zevqi-nəfsani, Sevdiyim yalnız eşqi-ruhani... Daha gönlümdə qeyri eşqə, inan, Yer bulunmaz, xayır... xayır... -Bu sırada təkrar səhnənin işığı azalır, ikinci pərdə qalqaraq ta ucda əvvəlki behişti mənzərə görünməyə başlar.* Xumar (sıtmalı bir ahənglə) Sən’an! Nə çabuq çıqdı xatirindən? Şeyx S ə n’ a n Aman!.. Bən şaşırdım. Saqın, inanma! X u m a r Yalan!.. Hər kəsdə böyük bir heyrət... Şeyx S ə n’a n Ah, gəl, gəl, qüsurə baqma... Şeyx K ə b i r Nə o? Nədir, oğlum? Şeyx S ə n’ a n Odur, o!.. Baq, yenə o! (Xumara) Bəni əfv et!.. X u m a r Sevimli Sən’an, gəl! Gəl, gəl!.. Oldunsa gər peşiman, gəl! (gedəcək olur) Şeyx S ə n’ a n (Xumara doğru qoşaraq şaşqın və məcnunanə) Gediyor... A-h, getmə! Şeyx K ə b i r Kimdir o, kim? İkinci pərdə yavaş-yavaş qapanmağa başlar. Şeyx Sən’an (yaralı və həyəcanlı) Getmə, dur!.. Getmə, nazənin mələgim! (qoşub Xumarı qucaqlamaq istər, lakin müvəffəq olamaz, bayılıb düşər.) Şeyx K ə b i r Allah-Allah, nədir bu əfsanə!? Şeyx M ə r v a n İştə divanədir o, divanə!.. -Şeyx Sən’anın qorqunc halını seyr etməkdə olan Zəhra pək həzin və dərin bir ah çəkərək, bitab bir halda Əzranın qolları arasına düşər; bu sırada pərdə yavaş-yavaş enməyə başlar.* Pərdə -II SƏHNƏ** -Məkkeyi-müəzzəmədə böyük bir yol... Yol kənarında bir taqım evlər, uzaqda böyük came’lər, bilxassə qara örtülü Kə’bə görünür. Vəq’ə on yıl sonra vaqe olduğu için birinci səhnədəki əşxas, simaca gözə çarpacaq dərəcədə dəyişmişdir. Pərdə açıldıqda əlində su dəstisi olduğu halda küçücük bir ərəb qızının yoldan keçdiyi görülür.* Şeyx Sədra ilə Əbülüla digər tərəfdən çıqarlar. Şeyx Sədra Bu nə müdhiş hava, susuzluqdan Adəta qavrulub yanar insan. Əbülüla (Kə’bəyi göstərərək) Şübhəsiz olmasaydı Beytullah, Məkkə olmazdı hiç iqamətgah. Burda ömr eyləmək fəlakətdir, Şimdi bildim Mədinə cənnətdir. Şeyx Sədra (yoldan keçən qıza) Gəl, qızım, bir içim su ver bana sən. (Qız məmnun bir tövr ilə gülümsəyərək dəstiyi verir) Əbülüla Baş-beyin çatlıyor hərarətdən. Şeyx Sədra (azacıq sudan içər, dəstiyi iadə ilə) Sana, yavrum, Xuda əcir versin. Əbülüla Su nasıldır? Sərinmi? Şeyx Sədra Sorma!.. Əbülüla Niçin? Şeyx Sədra İstiyorsan al iç də baq, qandır, Su deyil, adəta yapışqandır. Allah-Allah! Tənəffüs etdikcə, Ruhu təzyiq edər bir işgəncə. Halım, eyvah, pək müşəvvəşdir, Yudduğum həp alavdır, atəşdir. -Hər ikisi böyük bir intizar içində çəkilib gedər. Bu sırada Ş e y x Mə r v a n ilə Şeyx Nəim görünür.* Şeyx Nəim (Şeyx Mərvana) Düşünürsün də həp inildərsin, Söylə, Mərvan, niçin mükəddərsin? Həp dəyişdin Mədinədən çıqalı... Şeyx Mərvan Sorma, gönlüm yaralıdır, yaralı, Kor olaydı şu tək gözüm də bənim, Kaş ki, Zəhrayı görmiyəydi, Nəim!.. Şeyx Nəim Şu fəsahətlə sən niçin əcəba Onu ram etmədin!?. Şeyx Mərvan Xayır, əsla, Yoqdu əsla təşəbbüsümdə qüsur, Kim ki, mə’yub olursa, rədd olunur İştə çirkinlik öylə bir illət Ki, dəmadəm qazandırır nifrət. Şeyx Nəim Batinin əksidir fəqət zahir. Şeyx Mərvan Bir yalan sözdür İştə şöhrətgir. Şeyx Nəim Bunca əndişə bisəmər... zira Şeyx Hadi, Əbülüla, Sədra Bir-birindən zəki, gözəl insan; Yenə Zəhracə möhtərəm Sən’an! Şeyx Mərvan (hiddətli) Onu xəllaqi-eşqə sormalıdır. Şeyx Nəim Xayır, insanda tale olmalıdır. Şeyx Mərvan (yola baqaraq, usanmış bir halda) Əcəba nerdə qaldılar bunlar? Şeyx Nəim Baqalım, bəlkə başqa maneə var. -Hər ikisi geri dönər. Bu sırada i k i k o r ə r ə b görünərək, birinci suzişli və tutqun ahənglə ud çalar, ikinci də yaralı səslə hicaz məqamında olaraq aşağıdakı əbyatı oqur.* İ k i n c i k o r Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı, Nə xəlq olaydı, nə xaliq, nə əşki-həsrət olaydı. Nə dərd olaydı, nə dərman, nə sur olaydı, nə matəm, Nə aşiyaneyi-vüslət, nə bari-firqət olaydı. Gönüldə nuri-məhəbbət, gözümdə pərdeyi-zülmət... Nə nur olaydı, nə zülmət, nə böylə xilqət olaydı. Nədir bu xilqəti-bimərhəmət, şu pərdəli hikmət? Bu zülmə qarşı nolur bir də bir ədalət olaydı. Tükəndi taqətü səbrim, ədalət! Ah, ədalət! Nə öncə öylə səadət, nə böylə zillət olaydı. -Qəzəl bitmək üzrə ikən dəvəçi qiyafətində bir ərəb sür’ətlə gəlib keçər.* B i r i n c i k o r Ey keçən arqadaş!.. Dəvəçi Nədir dərdin? B i r i n c i k o r Bizə Sən’anı göstər, Allah için. Dəvəçi Şimdi əl’an o, Məkkədən çıqıyor. B i r i n c i k o r Bizi bir dərdi-biaman sıqıyor, Ona Sən’an bulur da bəlkə dəva... Dəvəçi Nə imiş dərdiniz sizin əcəba? B i r i n c i k o r Biz eşitdik yığın-yığın kor, lal, Hər tərəfdən sağır, çolaq və topal, Şeyx Sən’anə iltica ediyor, Hər kəs ondan şəfa alıb gediyor. İştə kordur bizim də gözlərimiz, Yalvarıb biz də bir şəfa diləriz. Dəvəçi (acı-acı gülərək) Bu kəramətlə ya niçin Sən’an Şeyx Mərvanə eyləməz dərman?! Barı açsın onun da tək gözünü, Xalq seyr eyləsin də mö’cüzünü. B i r i n c i k o r Şeyxi göstər də, bəlkə çarə bilir... Dəvəçi Burda siz bəkləyin, o şimdi gəlir. -Dəvəçi gedər. Korlar mə’yus bir halda düşünür. Bu sırada Zəhra ilə Əzra erkək qiyafətində görünürlər. Zəhra şimdi pək dəyişmiş, bət-bənizi uçmuş... Adəta sarı bir gül yaprağı qadar solğun, daima düşüncəli və məhzundur.* Əzra Xastasn, xasta... Nazənin Zəhra, Səni er-gec xərab edər bu hava. Bu nasıl bət-bəniz? Deyilmi yazıq? Niyə bilməm Mədinədən çıqdıq. Zəhra Qalmamış bəndə ixtiyar əsla, Neyləyim, başqa çarə yoq, Əzra! Son nəfəsdir, düşün də qıl tədbir... Əzra Nə gəlir əldən a-h! Şeyx Kəbir Oldu mane sənin səadətinə, Oldu bais sənin fəlakətinə. Dedi Sən’anə: “Qafil olma, saqın! Sana düşman qadındır, İştə qadın...” Dinləyib şeyxi binəva o zaman, Dəyişib oldu başqa bir insan... Zəhra Daha bir çarə yoq, keçən keçmiş, Çünki Sən’an yürəklə and içmiş. Həp qadınlardan eyliyor nifrət, Başqa bir fikrə bəsliyor hörmət. (həzin bir ah ilə) Onu son dəmdə bir də görsəydim, Daha qalmazdı həsrətim, dərdim. Dəvəçi (getmiş olduğu tərəfdən evdətlə gəlib keçərək, korlara) Şimdi Sən’an müridlərilə gəlir, Sorunuz, bəlkə, bəlkə çarə bilir... K o r l a r Tanrı versin cəzayi-xeyr sana. Birinci kor udu torba içinə qoyub saqlar. Zəhra (Əzrayə) Bəni tut, a-h, bir şey oldu bana. Əzra Gəl də yoldan bir az kənar olalım. Zəhra Baq, fənalaşdı büsbütün halım. Əzra Üzülürsün, aman, aman, Zəhra! Zəhra (Əzranın yardımilə bir tərəfə çəkilərək) Bəndə can yoq, inan, inan, Əzra! Ayrı düşdükcə Şeyx Sən’andan, Bana guya cihan olur zindan. -Bu sırada ş e y x l ə r və m ü r i d l ə r görünməyə başlar* Şeyx Mərvan Nə səfərdir bu, anlamam ki?! Şeyx Nəim Əvət, Hiç də mə’nası yoq bunun, əlbət. Əbülüla Yalınız borcumuz itaətdir. Şeyx Sədra Başqa söz söyləmək cəhalətdir. Şeyx Əbülləhyə Nə çıqar böylə boş səyahətdən? Xəlqi məhrum edər ibadətdən. Şeyx Cəfər Bəncə hiç şübhə yoq ki, insilə cin Yaratılmış fəqət ibadət için. Şeyx Sədra Buna idrakınız varırmı sizin? Sizcə məchul... qədri şeyxinizin. Hər kimin qəlbi korsa, keçmiş ola!.. Şeyx Sən’anı anlamaz əsla. Əbülüla Şeyximiz sahibi-kəramətdir, Hər nə söylərsə eyni-hikmətdir. Dəvəçi (çabuq dönərək) Əcəba şeyx nerdədir?.. Dəvələr, Yük ağırdır, əzildilər yeksər. Şeyx Mərvan Pək təbii bu, yüklənən əzilir. Şeyx Sədra Hiç məraq etmə, şimdi gəlir. -Dəvəçi sür’ətli adımlarla gəldiyi tərəfə dönər.* B i r i n c i k o r Bizə imdad edin, aman! İ k i n c i k o r Hələ dur! Əbülüla (yola baqaraq, arqadaşlarına) Gəliyor, iştə şeyximiz gəliyor. -Hər kəs bir tər tərəfə çəkilib şeyxin vüruduna müntəzir olur; Ş e y x S ə n ’ a n , Şeyx Hadi və Şeyx Əbuzər sür’ətli adımlarla gəlirlər.* Şeyx Hadi (ümuma) Möhtərəm arqadaşlar! On sənədir, Tərk qılmış cihanı Şeyx Kəbir. Şeyx Sən’an ki, bəhri-hikmətdir, İştə ondan bizə əmanətdir. İctihadilə bəlli bir ustad. Bizi on yıldır eyliyor irşad. Şimdi əzm eyliyor də Turanə, Keçəcək sonra xaki-Iranə. Bu səfərdən məramı şeyximizin, Pək böyük, pək ağırdır, iştə bilin! Bən də yoldaşlarımla bir yandan, Hində əzm etmək üzrəyim əl’an. Pək böyükdür bu yolda niyyətimiz, Böyük olsun gərək də himmətimiz, Məqsəd ancaq Məhəmmədin dini Bürüsün az zamanda yer yüzünü, Yola gəlsin də bə’zi sapqınlar, Haq nədir anlasınlar azğınlar. Dini-islamə istəməz pərdə, Nəşr edilsin gərək o hər yerdə. Böylə haq yolda kim olursa fəda, Ona yardımçıdır rəsuli-xuda... Ş e y x l ə r Öylədir, öylə... Müridlər Şübhə yoq artıq. K o r l a r Şeyx, ya şeyx! Şeyx Əbuzər (korlara) Bəkləyin azacıq. Şeyx Sən’an (parlamaqda olan günəşi göstərir) Arqadaşlar! Şu parlayan günəşin, Feyzi birdir cihand hər kəs için. Türk, hindu, ərəb, əcəm bilməz, Nuru hər yanda artar, əksilməz. Mə’nəvi bir günəş də var: nəvvar – O da islam dinidir, parlar. Parlar, afaqı nurə qərq eylər. Həq, həqiqət nədirsə həp söylər. Pək müqəddəsdir, İştə məqsədimiz, Bunu lakin, saqın unutmayınız: Bir çoq alimnüma xəyanətkar, Dini-islamə rəxnə salmışlar. Bir yığın ictihadi-bimə’na. Qaldırır hər tərəfdə bir də’va. -Şeyx Sən’an söylədiyi sırada: göyə, Kə’bəyə, həmayilindəki Qur’ani-şərifə işarətlə birər-birər göstərir.* Xaliqi-kainat halbuki bir... İştə Qur’an və Kə’bə həp birdir. Əhli-islama həp şu birliyi biz Nəşrü isbata qeyrət etməliyiz. -Bu sırada Əbülüla, Şeyx Əbülləhyə və Şeyx Cəfər kəndi aralarında qonuşurlar. Şeyx Sən’an sözünə davam ilə* Arqdaşlar! Bu yolda zəhmət var; İstirahət deyil, əziyyət var. Cəbr yoq, zor yoq, istəyən qalsın, Kim ki, məmnun deyilsə ayrılsın. Əbülüla Şeyx Cəfərlə, Şeyx Əbülləhyə, Şeyxəna! Dönmək istiyor geriyə. Şeyx Cəfər (Şeyx Sən’ana) İxtiyarız da, şeyx! Mə’zuruz, Səfər etməkdən İştə qorxuyoruz. Şeyx Əbülləhyə İzn versən dönüb də hər ikimiz, Həp ibadətlə iştiğal edəriz. Şeyx Hadi (mə’nalı və istehzalı bir qəhqəhə ilə Şeyx Əbülləhyəyə) Əyilib qalqacaq, yeyib içəcək, Sonra qıl köprüdən qolay keçəcək! (hər ikisinə) İxtiyar, dul qadınların da bütün, Həp bu mərkəzdədir məramı bu gün! Əcəba!.. Həzrəti-Rəsulüllah, Cümlə əshab – Əli, Ömər həmrah, Daima hərbgahə qoşmuşlar, Haqqı təbliğ için vuruşmuşlar. Bu niçin? Söyləyin, niçin, əcəba? Yoqsa bir aldanışmıdır? (Şeyx Cəfər və Şeyx Əbülləhyə) Haşa!.. Şeyx Sən’an (hər ikisinə) Hiç zərər yoq, gedin Mədinəyə siz, Bunu lakin unutmayın hərgiz, Quru, boş səcdənin yoq aqibəti, Haq sevər yalnız əhli-mə’rifəti. K o r l a r Ey böyük şeyx, mərhəmət!.. Imdad!.. Şeyx Sən’an Siz nə istərsiniz? B i r i n c i k o r Fəqət imdad, Bizə imdad edib şəfa veriniz! Görmüyor kainatı gözlərimiz. Şeyx Sən’an Böylə e’cazkar bir insan, Xayır, əsla yaratmamış Yaradan. Bir qulum bən də pək həqir, aciz, Bu yalan iftirayə uymayınız. Həm də görməkdə bir məziyyət yoq, Kədər, işkəncə var; məsərrət yoq. Gərçi görmək də başqa ne’mətdir, Görməmək ən böyük səadətdir. B i r i n c i k o r Bizi rədd etmə, ah, inayət qıl! İ k i n c i k o r Nə olur, şeyx, bir kəramət qıl!.. Şeyx Sən’an Nə zamandan tutuldu gözləriniz? B i r i n c i k o r Anadan doğmadır bənimki təmiz. Şeyx Sən’an Həp cinayət!.. Qadın cinayatı! Həp qadın cürmi-ehtirasatı! Ah, bunlar niçin doğar-doğurur? Şu qadınlar, niçin doğar-doğurur? (ikinci kora) Anadan doğma kormusun sən də? B i r i n c i k o r Bəndə əsrarı həp onun, bəndə... Ağlamaqdan bu hal gəlmiş ona, Çünki aşiqdi bir gözəl qadına. Şeyx Sən’an Həp cinayət, qadın cinayatı! Həp qadın cürmi-ehtirasatı! (şeyxlərə və müridlərə) Hər səfalət doğar qadınlardan, Baş verir hər fəlakət onlardan. Öncə Həvva, o möhtəris nənəmiz, İşləyib bir cinayət, açdı bir iz. Bizi qovdurdu baği-cənnətdən, Qıldı məhrum qürbi-rəhmətdən, Qadın insanı haqdan ayrı salır. Həp qadınlar başa bəla sayılır. (Korları göstərir) İştə bunlar, zavallı insanlar, Nəyə sızlar, yanar?.. Səbəb onlar!.. B i r i n c i k o r Şeyx, ya şeyx! Görmək istiyoruz. İ k i n c i k o r Bizi mə’yus qılma, məğduruz. Şeyx Sən’an Nəyi görmək dilərsiniz, bilməm? Yanıyor zülm içində həp aləm! Görməməkçin şu çirkin işləri siz, Yalvarıb haqqa, həmdü şükr ediniz. Dəvəçi (gələrək) Buyurun, şeyx əfəndi!.. Şeyx Sən’an Pək gerçək, Gedəlim, haydı, yolçu yolda gərək... Gedərlər. Zəhra (Əzra ilə bərabər gələrək) Getdilər, ah, getdilər... Əzra Zəhra! Hiç təlaş etmə, gəl! Zəhra (niyazkar) Aman, Əzra!.. Əzra (əlilə göstərir) Döndü Sən’an, baq, İştə baq, gəliyor, Gəliyor, həm də baq, nasıl məsrur... Zəhra Ah, yarəbbi, çoq şükür!.. Lakin, Bu gəliş, kim bilir, əcəb nə için?.. -Şaşqın bir halda dörd-beş adım çəkilib bəklərlər. Şeyx Sən’an, Şeyx Əbuzər, Şeyx Əbülləhyə və Şeyx Cəfər bərabər dönüb gəlirlər.* Şeyx Sən’an Şeyx Əbuzər! Sənin də sinnin çoq, Həm vücudunda istitaət yoq. Sən də bunlarla şimdi bir yerdə Get, tapın rövzeyi-peyəmbərdə. Daima eylə Haqqa həmdü səna... Azacıq xastadır fəqət Zəhra. ( hər üçünə) Gecə-gündüz xəbər bilin ondan, Unutub qafil olmayın bir an. Həm nəzakət bu, həm səvab işdir... Əzra (Şeyx Sən’anə yaqlaşaraq) Səni Zəhra vidayə gəlmişdir. (Şeyx Sən’anda dərin bir heyrət... Zəhrayı göstərərək) İştə, qarşında titrəyir duruyor, İştə, solğun çiçək qadar məğdur!.. Şeyx Sən’an Ah, Zəhra! Zavallı, solğun nur! Səni Sən’an görüncə alçalıyor. Gəlməz əldən əyilməmək... Əlbət, Səndə var çünki başqa ülviyyət. Bəni əfv eylə, ey şikəstə həyat! Sən mələksin... Fəqət... Fəqət... Heyhat... Zəhra Ah, Sən’an!.. Aman!.. Böyük Sən’an!.. (Həmən bayılıb Əzranın qolları arasına düşər) Şeyx Sən’an (acı və dəhşətli bir sükutdan sonra) Şeyx Əbuzər! Müvazib ol... hər an Onu təskin için çalış... Zira Pək fəna xastadır... (Əzraya) Saqın, Əzra! Onu gözdən ayırmayın əsla. (dört-beş adım uzaqlaşaraq) Əlvida!.. Əlvida!.. Gözəl Zəhra!.. Pərdə * * * İkinci pərdə -I SƏHNƏ** -Qafqasyada, şimdiki Tiflis civarında küçük bir dağ ətəyində mənzərəli bir yer... Bir tərəfdə Kür nəhri, digər tərəfdə dağa doğru ucu görünməz əyri bir cığır nəzərləri oqşar. Qarşıda iki-üç çadır görünür. Müridlərdən bir qaç kişi çadırlardan çıqaraq əllərində dəsti Kürdən su gətirir. Bahar mevsimi... Gürcü yortusu. Ikindi çağı... Qürubə qarşı... Şeyx Sən’an Şeyx Sədra ilə bərabər gəzinərək ötüşməkdə olan bülbülləri dinlər və şaşqın bir baqışla ətrafı tamaşa edər...* Şeyx Sən’an (məczub bir halda) İştə Qafqas!.. Səfalı bir mə’va! Allah-Allah, nədir bu abü həva!? Nə qadar şairanə bir xilqət! Yerə enmişdir adəta cənnət. Bu tamaşayə qarşı hər insan, Bəncə biixtiyar olur heyran. Nə qadar dilrüba yeşil təpələr! Seyrə daldıqca ruhu cəzb eylər. Gülüşür pəmbə, al, bəyaz güllər, Ötüşür hər tərəfdə bülbüllər. Ninni söylər küçük sular xəndan, Görünür hər tərəfdə bir orman. Qarlı, qartallı bir yığın dağlar, Ta uzaqlarda bəmbəyaz parlar. O bulutlar nə, öylə rəngarəng!? Bu nə qüdrət! Nə dilfirib ahəng?! Burda qızğın günəş də pək munis Gecələr büsbütün nədimeyi-hiss... Hələ Kür nəhri başqa bir aləm! Gecə məhtabə qarşı pək həmdəm Gah olur bir dərin sükutə varır, Gah çağlar da bir fəğan qoparır; Çırpınır Kür boyunca pək dilbər Qoyu kül rəngi, gök güvərçinlər, İştə onlar: həp oynaşan, qoşuşan Dalğacıqlardır öylə xəndəfəşan... O da bir karivan, aqıb gediyor, Bir ədəmgahə doğru əzm ediyor, Bir səfərdir bu adəta məchul... Qayə məchul, ibtida məchul... İştə, insanların da halı budur, Anlaşılmaz niçin gəlib gediyor!? -Bu sırada aşağıdakı türkü eşidilməyə başlar, hər kəs dərin bir məczubiyyətlə dinlər, durur.* Yücə dağlar aşdım, ormanlar keçdim, Gözəllər içində bir gözəl seçdim, Bən o gündən yaradana and içdim, Dünya gözəl olsa, dönməm yarımdan. Bənim yarım al yanaqlı mələkdir, Tazə açmış sevimli bir çiçəkdir, Qəhr olsun o qəhrəman ki, dönəkdir, Dünya gözəl olsa, dönməm yarımdan. -Türkü söyləməkdə olan Özdəmirlə Oğuz görünməyə başlar.* Şeyx Sədra Bana baq, arqadaşlar! Özdəmir Əmr ediniz! Şeyx Sədra Hanki soydansınız? Nə dindəsiniz? Özdəmir Soyumuz türk, dinimiz islam... Şeyx Sən’an Pək gözəl... Şeyx Sədra Gəl, yaqın gəl, İştə tamam. Şeyx Sən’an Bu civarlarda çoqmu, azmısınız? Özdəmir Doquz-on köy qadar varız yalınız. Oğuz Şeyx! Təşrifiniz əcəb nerədən? Şeyx Sən’an Kə’bədən, Məkkeyi-mükərrəmədən... -Hər ikisi böyük hörmət və səmimiyyətlə Şeyx Sən’an və Şeyx Sədranın əlini öpərlər.* Şeyx Sən’an Arqadaş, isminiz nədir? Özdəmir Qulunuz Özdəmir... Şeyx Sən’an Pək gözəl, onunku? Özdəmir Oğuz... Şeyx Sən’an Əcəba, böylə şimdi siz nerəyə? Özdəmir Gediyoruz yaqında qomşu köyə. Oğuz (yola doğru baqaraq böyük bir məraqla) Özdəmir, Özdəmir! Baq, iştə odur, Dəli dərvişə baq, nasıl gəliyor. -Bu sırada ağ geyimli, nurani bir d ə r v i ş yol kənarında görünür. Heyrətli və kəskin bir nəzərlə baqınıb durur.* Şeyx Sən’an Əcəba!? Özdəmir Söylətib də bilməlidir. Oğuz Dəlidir, şeyx əfəndi, pək dəlidir. Şeyx Sədra Kim bilir, bəlkə hiylədir... Oğuz Əsla! Şu hərif bir bəladır, İştə bəla... Özdəmir Dinləməz hər nə söyləsən, yalınız Kəndi söylər də həpsi mə’nasız. Yeməz, içməz, yaqın-uzaq bilməz, Hələ insanə heç yaqın gəlməz. Şeyx Sən’an (dərvişə yaqlaşaraq) Baba dərviş! Qılmayın, lütfən, Bizi məhrum feyzi-söhbətdən. Dərviş sükut edər. Kimsiniz? Məsləkü təriqətiniz Nə imiş? Söyləyin, rica edəriz. Dərviş cəvab verməz. Şeyx Sədra (heyrətlə) Pək tuhaf!.. Ya sağır, ya dilsizdir. Şeyx Mərvan (gələrək) Xayır, aldanmayın, o həm sahir, Həm müzəvvirdir etsəniz diqqət. Şeyx Sən’an Kəcnəzərlər yanında öylə, əvət, Bəncə, lakin o çöhrə pək nadir, Pək böyük bir zəkayə malikdir. (Dərvişə) Sən niçin həp sükutə mailsin? Söylə bir, hanki dinə qailsin? Hanki məzhəbdəsin, nəsin, kimsin? Əcəba, hanki fikrə xadimsin? -Dərviş, dəşti məqamında laübali və məcnunanə bir ahənglə fəqət zənguləsiz olaraq, başlar; Şeyx Sən’an heyrətlə dinlər. Digər şeyxlər və müridlər də gəlib birər-birər ətrafına toplaşırlar.* Dərviş Saqın, hiç sorma! Bir divanəyim bən, Dəmadəm çırpınır pərvanəyim bən. Babam heyrət, anamdır şübhə... Əsla Bilinməz bən kimim, ey şeyxi-vala! Fəqət pəjmürdə bir səyyahi-zarim, Şəriətdən, təriqətdən kənarim, Həqiqət istərim, yalnız həqiqət! Yetər artıq şəriət, ya təriqət. Qulaq verməm bən əsla bir xitabə, Pərəstiş eyləməm hiç bir kitabə. Əvət, Qur’an, Zəbur, Incilü Tevrat Birər rö’ya ki, zor təfsiri, heyhat! Birər rö’ya bütün əlvahi-aləm, Birər əfsanə, cənnət, ya cəhənnəm. Şeyx Sən’an Təbii, səndə var bir xeyli əsrar, Niçin məxfi tutar, qılmazsın izhar? Nə var mərdümgiriz olmaqda bilməm, Nolur olsan bizə həmrah, həmdəm? Dərviş Birər əfsanədir hər bir sualın, Gözündən bəllidir fikrin, xəyalın, Gülər ruhunda bir yaldızlı xülya, Sənin bir başqa sevda var başında. Nədir yalnızlıq?! Anlarsın, düşünsən. Bu rəmzi get də sor, Allahdan ögrən! Əgər fevqəlbəşər olmaq dilərsən, Kənar ol daima cinsi-bəşərdən!.. (Acı və laübali bir qəhqəhədən sonra, müridləri göstərir.) Bu şaşqın xalqa əsla vermə zəhmət! Fəqət yalnız bulun, ey tifli-hikmət! (kəskin və mə’nalı bir baqışdan sonra uzaqlaşmaq istər.) Şeyx Sən’an (ona yaqlaşaraq) Aman, ey pir mürşid, mərhəmət qıl! Dərviş (uzaqlaşaraq, böyük bir istiğna ilə) Uzaq bəndən, uzaq, ey mərdi-qafil! Tərəddüd runüma həp gözlərində, Çəkil get! Yoq sədaqət sözlərində, Vəfa yoq səndə, şeyxim, tez cayarsın, Həmən, bir başqa xülyaya uyarsın. Şeyx Sən’an (iləriləyərək) Aman! Ey pakdamən pirim, əfv et! Aman! Səbr et, sözüm var... Dərviş (etinasız) İstəməm, get! -Dərviş “get!” mə’nasını anlatır bir tevr ilə əlini sallar. Feyləsufanə baqışlarla, məcnunanə adımlarla uzaqlaşıb gedər. Şeyx Sən’anı böyük bir şaşqınlıq və düşüncə alır.* Mə’yus olaraq bir tərəfə çəkilir. Şeyx Sədra (onu təskin ilə) Möhtərəm şeyx! Bir düşün... zira Sana layiq deyil bu hal əsla. Fəzlədir bəncə böylə bir təşviş, Sən böyük şeyx; o, sərsəri dərviş... İki mübhəm sözün nə qiyməti var!? Böylə sərsəm əqidədən nə çıqar? Şeyx Sən’an Məhv olub getdi həp düşüncələrim, Bəni yalnız bıraq, rica edərim. -Şeyx Sədra itaət və təslimiyyətlə geri çəkilir, Bu sırada uzaqdan incə və narin ahənglə çalğı səsi eşidilməyə başlar. Şeyxlər və müridlər heyrətlə baqışırlar. Şeyx Mərvan ilə Şeyx Nəim və müridlərdən bə’zisi barmaqlarıyla qulaqlarını tıxamaq istərlər.* Şeyx Sədra (heyrət və təzyiflə onlara) Pək əcayib şu halınız!.. Mutlaq, Burda lazımmıdır qulaq tıqamaq? Ürfü şər’ olmuyor bu fikrə şərik, Çəkilir şeymidir bu sərsəmlik! Musiqi, nəğmə ən gözəl sən’ət, Bunu hiç mən’ edərmi bir hikmət!? İştə, bülbüllərin təranələri, Nevbaharın nəsimi-nəğməgəri, İncə yapraqların öpüşmələri, Nazlı afətlərin gülüşmələri, Nəğmeyi-şuxi həzrəti-Davud, Yaxud ahəngi-şe’r giryeyi-ud, Həp birər musiqi deyilmi? Şeyx Mərvan (kinayə və istehza ilə) Əvət, Bu da bir ictihadi-pürhikmət. Şeyx Sədra Etsəniz ictihadə gər diqqət, O da bir başqa musiqidir, əvət!.. -Yan tərəfdəki cığırdan, öndə çalğıçılar olduğu halda, süslənmiş gürcü qızları, əlvan geyimli çocuqlar və dəliqanlılar görünməyə başlar. Şeyxlər və müridlər bir tərəfə çəkilib onları tamaşa edərlər.* Q ı z l a r və ç o c u q l a r (aşağıdakı şərqiyi çalğıya uyduraraq həp bir yerdə söylərlər) Əsər nəsimi-dilgüşa, Gülər bahari-nəş’əza. Çəmən, çiçək, günəş, hava, Cihanı xüldzar edər D ə l i q a n l ı l a r Səfalıdır çəmən, çiçək, Fəqət nə çarə eyləmək Ki, hər baqışda bir mələk Könülləri şikar edər. Q ı z l a r v ə ç o c u q l a r Məhəbbət əhli daima Olur bəlayə aşina. Cəfayə etməz e’tina, Nigarə can nisar edər. D ə l i q a n l ı l a r Gözəllərin vəfası yoq, Cəfası var, səfası yoq, Bu sözlərin əsası yoq, Nə etsə yarə, yar edər. -Dəliqanlılardan dört-beşi şeyxləri salamlar; birisi də çalğıçılara “çal!” deyə, bir qızla bərabər rəqsə başlar. Oğuzla Özdəmir də onlara yaqlaşıb əl çalar. Sonra dəliqanlılardan bir-ikisi Oğuza əl və göz işarətlərilə oynaması için rica edərlər. O da bir qızla bərabər ləzgicə rəqs eylər. Rəqs bitdikdə həpsi bir yerdə əvvəlki şərqiyi çalğıya uyduraraq oquya-oquya uzaqlaşıb gedərlər. Özdəmirlə Oğuz da şeyxlərə yünül bir təmənna edərək onları izlər.* Şeyx Mərvan (Özdəmirlə Oğuzu göstərib istehzalı qəhqəhə ilə) Şeyx Sən’anı şimdi gəl qandır, Sanki bunlar da bir müsəlmandır. Şeyx Sədra Onların baqmıyıb da zahirinə, Baq riyasız təmiz yürəklərinə. Var fəqət bə’zi şeyx bədbatin, Zahiri-halı xoş, yürək xain... Çəkməz əl şeytənətlə vəsvəsədən, Həp müzəvvirlik onca danişü fənn... Şeyx Sən’an (sərsəm bir halda dərvişin getdiyi tərəfə doğru iləriləyərək) A-h, o dərviş, o ruhi-müstəsna!.. Şeyx Sədra (Sən’ana yaqlaşaraq) Möhtərəm şeyx, halınız nə fəna?! Şeyx Sən’an Nerdə dərviş? O nerdə, göstəriniz? Şeyx Mərvan Dəlidir, şeyx, o həm də bir dinsiz. Şeyx Sən’an Dəlilik başqa bir fəzilətdir, Dinsiz olmaq da bir təriqətdir. Dəlidir, sözlərində mə’na var, Sərsəridir, başında sevda var. O deyil gərçi zahirən Mənsur, Həp “ənəlhəq” diyor da, çırpınıyor. Şeyx Sədra (çəkilməkdə olan Sən’anı izləyərək) Getdi, şeyxim, çəkildi, getdi inan, Hiç bilinməz o nerdədir əl’an? Şeyx Sən’an Başqa laf istəməm, xayır... yalınız Azacıq şimdi bəndən ayrılınız; Bir qadar Kür boyunca tək-tənha, Düşünüb gəzmək istərim... Şeyx Mərvan Əcəba! Əcəba biz də gəlsək olmazmı? Şeyx Sən’an Yenidən siz də deşməyin yaramı. Şeyx Nəim (gələrək) Şeyx!.. Şeyx Sən’an Get, get, düşüncəsiz budala! Şeyx Sədra Bən nasıl? Şeyx Sən’an (əlilə rədd edərək) İstəməm, xayır!.. Əsla!.. -Pək dalğın adımlarla uzaqlaşıb gedər. Hər kəsi dəhşətli bir heyrət istila edər və şeyxin getdiyi sırada pərdə enməyə başlar.* Pərdə -II SƏHNƏ** -Yol üzərində küçük bir balkon... Qarşıda havuzlu, çiçəkli bir bağça... Gündüz...* Serğo (aşğıdakı türküyü çağıraraq bağçayı sulamaqla məşğul olur) Uzaqlşdım gülümdən, sevgilimdən, Ayrı düşdüm vətənimdən, elimdən. Həp sızlarım, bir şey gəlməz əlimdən, Yar-yar deyib gecə-gündüz ağlarım. Çoqdan bəri nazlı yarı görmədim, Öpmədim, gül yüzündən gül dərmədim, Gülər yüzlə hiç bir ömür sürmədim, Yar-yar deyib gecə-gündüz ağlarım. Anton (əlində bir çiçək dəməti olduğu halda, bağça tərəfindən gələrək) Serğocan, Serğo!.. Serğo Vay, əfəndiciyim! Anton (bir bəxşişlə bərabər dəməti Serğoya verir) Şunu lütfən Xumara ver də... Serğo Bəyim! Daha bir başqa əmriniz? Anton Nə deyim! Söylə Antondur eyləyən təqdim. (Çəkilib görünməz bir guşədə bəklər) Serğo (balkona çıqıb da qapıya yaqlaşır, yarım səslə) Gəl, Xumar! Nerdəsin, Xumar, bana baq! Xumar (ağ geyim geymiş olduğu halda çıqar, Serğonun əlindəki dəmətə baqaraq) Şunu kim verdi? Serğo Anton... Xumar (hiddətli) Ay axmaq! Al, götür haydı, ver də kəndisinə. -E’tinasız bir tevr ilə içəri girər. Serğo dönüb təkrar çiçək dəmətini Antona iadə edər.* Anton Nə diyor? Serğo Rədd edib də atdı yenə... Sanki bilməzsiniz təbiətini? Allah alsın onun şu xislətini. Anton (dəməti yerə atıb çignəyərək, zəhrxənd ilə) Sən də biçarə taleyim kibi sol, Ayaq altında çignənib qəhr ol. (Mə’yus bir halda çıqıb gedər) Serğo (həm Antona, həm də balkona baqaraq heyrətlə) Qız deyil, bir bəladır İştə Xumar, O, bir atəş ki, həp cihanı yaqar. (çəkilib bir tərəfə gedər) Simon (şaşqın və düşüncəli adımlarla yoldan keçər. Gözü balkona ilişincə) İştə dilbər, sevimli bir mələyin, Qəsri-pürnuri!.. İştə xüldi-bərin! Dolaşıb gainatı seyr etsəm, Nerdə əyləncə varsa, həp getsəm, Yenə könlüm açılmıyor əsla. A-h, o!.. Yalnız o hüsni-müstəsna Qəlbimin aşinayi-giryəsidir. Ruhi-məcruhimin nədiməsidir. -Bu sırad Xumar əlində ipəkli işləmə olduğu halda balkona çıqar*. Simon (onu görür-görməz) Daha yoq bəndə zərrə səbrü qərar, Mərhəmət, mərhəmət!.. Sevimli Xumar! Xumar Fəzlə, həp fəzlədir bu istirham, Get, çəkil get, bütün o hissü məram Ki, sizin qəlbinizdə var əl’an, Bəndə yoq, yoq o hissə hörmət, inan! Şeyx Sən’an -(dalğın bir halda yoldan keçər, başını qaldırıb Xumarı görüncə mütəhəyyir)* O nə! Rö’yamı gördüyüm, eyvah! Omudur?.. Lailahə illəllah!.. (yenə mütərəddid və şaşqın adımlarla yoluna dəvam edər) Simon (bir qadar düşündükdən sonra, Xumara) Nə olur, a-h! Inadı, gəl, tərk et!.. Xumar Yetişir, get, get, Allah eşqinə get! P l a t o n (yarımsərxoş bir halda, içəridən çıqaraq) Yenə kimdir o, qeylü qal ediyor? (mütəəssir və pərişan adımlarla uzaqlaşmaqda olan Simonu görüncə) Yeni aşiqmi ərzi-hal ediyor? -Xumar başını aşağı dikər, bu sırada Platonun dostlarından qalın və qaba səsli bir papas yoldan keçər, Platonu görüncə* Papas Vay, əfəndim, nasılsınız? P l a t o n Buyurun, Buyurun, lütf edib bir az oturun. -Bir-birinin əlini sıqarlar, Xumar da papasın əlini öpər.* Papas (əli ilə Xumarın saçlarını oqşayaraq) Yenə bir başqa hal var səndə, Yoq məsərrət sevimli çöhrəndə. Haydı, lütfən, qızım, bir az su gətir, Hiç məraq istəməz, hər iş düzəlir. P l a t o n İstəməz, nəş’əsiz sudan nə çıqar! Gedəlim pək gözəl şərabım var. Həm də pək əski, altı yıllıqdır, İç də gör, padşaha layıqdır. Papas (Xumarı diqqətlə süzərək mə’nalı bir ahənglə) Bəncə qalsın o bir şərəfli günə, Sərf edilsin yarınkı bir dügünə. P l a t o n (qəhqəhə ilə) Bir xəyal İştə, bir xəyali-mühal, Həm bu sözlər Xumarca bir bəd fal, Çünki həp bəhs edər manastırdan, Ərə getmək ölümdür onca, inan!.. Papas İştə bir arizu ki, bəncə əbəs... Xayır, etməz Xumar o fikrə həvəs. (Xumara) Həp cavanlar sənin əsirin ikən, Böylə bir söz gülünc olur səndən. P l a t o n (papasın qolundan tutaraq) Gəl, canım, gəl!.. Bütün bu sözləriniz Fəzlədir onca, dinləməz hərgiz. (papasın köksündəki xaça işarətlə) İştə Məryəmlə, ruhi-Isayə, Şu böyük xaçə, həm kəlisayə, Əhd edib, bən yürəklə and içdim; İlk talib Xumar için hər kim, Hər kim olmuş olursa, rədd etməm, Bıqdım artıq, nədir bu cevrü sitəm? Papas Səni məcbur edənmi var əcəba! Niçin and içdin? A-h, İştə xəta!.. P l a t o n Ya xəta, ya səvab... haydı bıraq, Gəl, sözüm sözdür, etmə fəzlə məraq. -Papasla Platon içəri girər. Xumar əli alnında olaraq balkonda iskəmləyə oturub düşünür.* Nina (bağça tərəfindən gələrək) Yenə bilməm nədir bu küskün hal? Daima həmdəmin düşüncə, xəyal... Nə qadar qız yetirsə Gürcüstan, Sana bənzər mələk yetirməz, inan. Sana hər kəs, böyük, küçük məftun, Sən niçin böylə daima məhzun?.. Xumar Cümlə əhval əyandır İştə sana, Çarə yoq, çarə yoq, gözəl Nina!.. Tutmasam annəmin vəsiyyətini, Tutacaq sonda bəd duası bəni. Bana söylərdi daima: “Yavrum! Ərə getmək həyat için uçurum... Yoqdur erkəklərin vəfası, Xumar! Yerin olsun fəqət manastırlar”. Nina Neyləsin binəva qadın!.. Hər an Ona dünyayı tar edərdi baban. Baban olduqca içkidən sərsəm, Kədərindən zavallı oldu vərəm... Şeyx Sən’an (təkrar dönərək Xumarı görüncə) A-h, o, mütləq o!.. Gördüyüm rö’ya! (yaqlaşaraq) İştə, nazəndə heykəli-sevda!.. Xumar Söylə kimsin? Şeyx Sən’an Zavallı bir məftun... Nina Kim bilir... Bəlkə... Xumar Qaliba məcnun... Şeyx Sən’an Bəlkə məcnunim, eyləməm inkar, Bais ancaq o hüsni-əfsunkar... Serğo (Gələrək) Şu hərif kim?.. Nə söylənib duruyor? (Şeyx Sən’anın əbasından tutub bağıraraq) Söylə kimsin?.. Nə istiyorsun? P l a t o n -(əlində şərab ilə dolu bir qədəh olduğu halda papasla bərabər dışarı çıqaraq, hiddətlə Serğoya)* Dur! Bir misafir ki gəldi, ikram et, Şu bağırmaq nə? Haydı, dəf’ ol, get! (Serğo bir tərəfə çəkilir, Platon Sən’ana) Şeyx! Bir əmrinizmi var əcəba? Şeyx Sən’an Onu kəndim də anlamam əsla. P l a t o n Söyləyin, hiç çəkinməyin zira... Şeyx Sən’an A-h, rö’ya, o gördüyüm rö’ya! P l a t o n Şeyx, sözsüz deyilsiniz əlbət... Şeyx Sən’an (Xumara işarətlə) İstəyim yalnız İştə bir şəfqət, Bir təbəssüm o hüsni-dilbərdən, Bir nəvaziş o mavi gözlərdən... Papas (qaba bir qəhqəhə ilə) Aşiq olmuş Xumarə zənn edərim. Şeyx Sən’an (Xumara) Bən niçin böylə zarü dərbədərim? Söylə, ey nazənini-qönçədəhən! Söylə, ruhum, nə tez unutdun sən, Bana “gəl-gəl!” deyən nəvazişlə, Əcəba sən deyilmisin? Söylə.. P l a t o n (heyrətlə, Şeyx Sən’ana) Bu görüş oldu hanki mə’vadə? Şeyx Sən’an Gecə rö’yadə, ərşi-ə’ladə. Papas (zəhrxənd ilə) Şübhə yoq, şübhə yoq ki, məcnundur. P l a t o n Görünür həm Xumarə məftundur. -Bu sırada ş e y x l ə r və m ü r i d l ə r gəlirlər.* Şeyx Mərvan Burda şeyx... Şeyx Nəim İştə aqibət, bulduq. Şeyx Sədra Aman Allah, nasıl da halı bozuq. P l a t o n (papasa yarım səslə) Qaliba şeyx möhtərəm bir zat. Papas Fazil insana bənziyor... Şeyx Sən’an (şeyxlərə mə’nalı bir ahənglə) Heyhat!.. Şeyx Sədra Möhtərəm şeyx! Aqın-aqın insan Səni həsrətlə bəkliyor əl’an. Bütün islam həp ziyarət için Toplanıb gəlmiş... Şeyx Sən’an İstəməm, çəkilin! Bəndən olmaz bir istifadə sizə, Başqa mürşid bulun da kəndinizə, Şeyxiniz hər nə varsa tərk etdi. Getdi, həp əski bənliyim getdi, Şimdi bir başqa fikrə məftunim. (Xumarı göstərir) Onun eşqilə İştə məcnunim. Şeyx Mərvan Sən ki, əvvəl qadından ürkərdin, Şimdi fikrin niçin dəyişdi, niçin? Şeyx Sən’an (Şeyx Mərvanə) Onu seçməz sənin gözün əsla, O mələkdir, qadın deyil, haşa!.. (məczub bir halda ümumə) Seyr edin bir o hüsni-məbhuti, O baqışlar nasıl da lahuti! Oqunur gözlərində ülviyyət, Sanki bir heykəli-üluhiyyət! Şeyx Nəim Möhtərəm şeyx, unutma niyyətini, Bir düşün illəti-əzimətini! Eylədin Kə’bə qarşısında yəmin, O bu gün məhv olurmu bir qız için? Şeyx Sən’an Vətənim, cümlə niyyətim, Kə’bəm, Şimdi yalnız odur, o, vaz keçməm. P l a t o n (papasa) Kaş ki, and içmiyəydim əvvəldən, Çarə, bir çarə bul. Papas Əmin ol sən, Vaz keçər, şimdi vaz keçər... (Şeyx Sən’ana) Lakin, Qıza nisbətlə fəzlədir sinnin. Şeyx Sən’an Mə’nəvi eşqə qarşı hər insan Bir demək... birdir İştə pirü cavan. Papas O həmail nə öylə? Şeyx Sən’an Qur’andır. Papas Şimdi isbat edib də gəl qandır! Hiç bu mümkünmü isəvi bir qız Bir müsəlmanə varsın? Anlatınız... Şeyx Sən’an Birsə Haq, cümlə din də bir... naçar, Xalqı yalnız ayırmış azğınlar, Hər kəs uymuş cihanda bir hissə... -Papas şərab ilə dolu qədəhi Platondan alıb şeyxə verir.* Papas İçiniz bu şərabı öylə isə. Şeyx Sən’an Zatən onsuz da sərxoşum əl’an... Papas Xayır, al iç, sözün deyilsə yalan. -Şeyx Sən’an pərəstişkaranə baqışlarla Xumarı süzərək, həmən qədəhi alıb içmək istər, lakin bir dürlü cəsarət edəməz və bir taqım mütərəddidanə vəziyyətlərdə bulunur. Ən nihayət kəskin bir qərar ilə son damlasına varıncaya qadar içər. Şeyx Sədra dalğın bir halda baqınıb durur.* Ümum (Şeyx Sən’an şərabı içdiyi sırada) Şeyx, aman! Dur... Şeyx Mərvan (istehza ilə Şeyx Nəimə) Mürəvvici-islam!.. Şeyx Nəim (Sən’ana) Əcəba içdiyin deyilmi həram? Şeyx Sən’an Ürəfa məşrəbincə var miqyas. Papas (cibindən küçük bir xaç çıqarıb Şeyxə verir) Pək gözəl, şeyxim, al şu xaçı da as. Şeyx Sən’an (alıb asaraq, yarım qəhqəhə ilə) İbn Məryəm asıldı darə, fəqət Onu təkrarə varmıdır hacət? Bumu İsanın ərşə me’racı? Bən nəyim şimdi? Canlı dar ağacı... Şeyx Mərvan Sana layiqmidir bu iş, yahu? Şeyx Sən’an İştə bir parçacıq gümüşdür bu, Bunu asmaqla bir yüzük taxmaq Bəncə birdir, bir... anladınmı bunağ! Papas (Şeyx Sən’ana) Sus, çəkilməz bu dürlü istehza... Şeyx Sən’an Xayır, onsuz da həzrəti-Isa Bizcə ən möhtərəm, böyük sima... Papas Məqsədin anlaşıldı, pək rə’na, Şimdi Qur’anı al da yaq... Şeyx Sən’an Əcəba! Onu yaqmaqda varmı bir mə’na? Hər kəsdə həyəcan və heyrət... Papas Fəzlədir həp bəhanə, üzr ancaq, Yaqacaqsın... Şeyx Sən’an (Qur’anı çıqarıb verir) Al, İştə kəndin yaq! Ümum Şeyx, Qur’an yaqılmaz!.. Şeyx Sən’an İllət var. Şeyx Sədra Susunuz, bəlkə başqa hikmət var! Şeyx Sən’an Hökmi-Qur’an ilələbəd ucalır, Yaqılan həp kağız, mürəkkəbdir. -Bu sırada havayı bulut qaplar, şiddətli göy gurultusu başlar. Bu gurultu pərdənin sonuna qadar ara-sıra müdhiş bir halda dəvam edib durur.* Papas (Qur’anı almayaraq israr ilə) Onu atəşdə yaqmayınca, inan, Sana əsla olunmaz itminan. Şeyx Sən’an Hökmi-Qur’anı tutmuyan məğrur, Onu atəşdə yaqmış ədd olunur. Bir də bihudə etdiyin israr, Bunda İsa və Məryəmin adı var. Xumar və Nina A-h!.. P l a t o n Şeyx, istəməz, bıraq dursun. Ümum Tövbə, ya şeyx, tövbə, tövbə!.. Şeyx Sədra Susun!.. Şeyx Sən’an Eşqdən başqa hər nə varsa, əvət, Tövbə, bin tövbə!.. Eylədim nifrət. Şeyx Nəim Bir düşün, şeyx, unutma Kə’bəyi. Şeyx Sədra Dur! Şeyx Sən’an (Xumara işarətlə) İştə Kə’bəm də, cənnətim də budur. Papas (Platona) Daha bir çarə yoq, nə istərsən, O qaçırmaz boyun itaətdən. P l a t o n Şeyxim, ancaq bir iş də yapmalısın, İki yıl tam domuz otarmalısın. Hər kəsdə böyük bir qələyan. Şeyx Sədra (Şeyx Sən’ana) Xayır, artıq bu pək fəna təhqir, Səni ikrah için bu bir tədbir... Şeyx Sən’an (Platona) Onun eşqiylə bən ki dərbədərim, Hər nə əmr etsəniz qəbul edərim. -Şeyxlər və müridlər “ah” deyə mütəəssir bir halda geri çəkilər.* Gediniz, arqadaşlarım... Gediniz! Başqa bir şeyxə iqtida ediniz. İştə bən naili-vüsal oldum, Aradım nuri-həqqi, ta buldum. Seyr edib kainatı həp yorulun, Arayın, siz də nuri-həqqi bulun. Unutun həp zavallı Sən’anı, Unutun siz o sərsəm insanı. Şeyx Sədra Möhtərəm şeyx, bir təsəvvür edin... Şeyx Sən’an Yetişir, haydı, dəf’ olun da, gedin! Şeyx Mərvan Nerdə əvvəlki qayeyi-əməlin? Şeyx Sən’an (qəhramiz bir hiddətlə bağıraraq) Durmayın, haydı, dəf’ olun, çəkilin! -Şeyx Sədra dərin bir heyrət və dalğınlıq içində düşünüb durur.* M ü r i d l ə r d ə n b i r i n c i q ı s ı m (böyük bir təəssür və təəssüflə) Gedəlim, doğru Kə’bəyə varalım, Xaliqi-kainata yalvaralım. Bəlkə şamil olur da mərhəməti, Şeyxi eylər ihatə məğfirəti. İ k i n c i q ı s ı m (Mərvan və Nəimlə bir yerdə) Şeyximiz atdı hökmi-Qur’anı, Şeyximiz satdı dini, imanı, Öncə islamə bir mürəvvic ikən, Xaç asıb çıqdı dinü məzhəbdən. B i r i n c i q ı s ı m Gedəlim, Haqqa iltica edəlim, Gedəlim, şeyx için dua edəlim... İ k i n c i q ı s ı m Gedəlim, ta ki biz də sapmıyalım, Gedəlim, biz də xaçə tapmıyalım... Şeyx Sən’an Gediniz, gərçi hiylə ya təzvir Sizcə xoş... bəncə eşq yüksəkdir!.. -Bütün şeyxlər və müridlər çəkilməyə başlar. Yalnız Şeyx Sədra ən arqada qalaraq şaşqın və dolğun baqışlarla ağır və mütərəddid adımlarla uzaqlaşıb gedər.* Pərdə * * * Üçüncü pərdə -I SƏHNƏ** -Bir buçuq sənə sonra, son baharda mehtablı bir gecə... Səhnənin ucunda domuz yatırılmağa məxsus bir dam... Damın qapısı önündə 2-3 domuz yatmış, yan tərəfdə bir su dəstisi var. Içəriyi sönük bir işıq aydınlatır. Pək kənarda Xumarın odası gözə çarpar ki, pəncərəsindən saçılmaqda olan incə bir aydınlıqla nəzəri-diqqəti cəlb edər, ətraf ağaclıqdır. Serğo əlində şərab dəstisi, taxtadan yapılmış bir qədəh və 2-3 əkmək olduğu halda türkü çağıra-çağıra yarımsərxoş və laübali bir tevr ilə domuz damından çıqar.* Serğo (göyə baqaraq) Gökyüzünü bəzər parlaq yıldızlar, Yer yüzünü bəzər gülyüzlü qızlar, Gözəl eşqində gönül yanar-sızlar, İnsaf, mərhəmət yoq namərd fələkdə... (əlindəkiləri yerə bıraqıb qapının önündə oturur, şərabdan bir qədəh döküb içərək) Uf, ışıqlandı gözlərim ancaq. (Şeyx Sən’anı çağırır) Ey, çoban şeyx! Nerdəsin? Bana baq! Şeyx Sən’an (gürcü çobanlarına məxsus bir qiyafətdə, saçı-saqalı uzanmış olduğu halda bağça tərəfindən gələrək) Burdayım, Serğo!.. Serğo Gəl yeyib-içəlim. Şeyx Sən’an Sən ye-iç, arqadaş, bən ac deyilim. Serğo Gəl, canım, başqa bir şərabdır bu... Şeyx Sən’an Adətim səncə bəllidir, yahu! Serğo Əziz aqşamdır, İştə, gəl... Şeyx Sən’an Vaz geç! Serğo (qədəhi dolduraraq) Bir qədəh gəl Xumarın eşqinə iç! Şeyx Sən’an Allah, Allah! Şu zəhrimar əcəba İçilir şeymi? Serğo Söylənib durma, Gəl, düdük çal da, ya masal söylə, Ya gözəl bir hekayə nəql eylə. Şeyx Sən’an Yenə halım bir az fəna... Əfv et! (Bir tərəfə gedər.) Serğo (şərabdan bir qədəh içərək, qəhqəhə ilə) Pək gözəl, anlaşıldı dərdin, get!.. (daha bir qədəh döküb içərək türkü çağırmağa başlar) Coşqun şərab eşq odunu söndürməz, Yar saçından bir tel kəsib göndərməz. Tale bana göz verir, ışıq verməz, İnsaf, mərhəmət yoq namərd fələkdə... Bu sırada bağçanın bir guşəsindən köpək havlaması eşidilir. Əcəba başqa bir adammı? (Bağıraraq) Kim o? Özdəmir (əlində xurcun, Oğuzla bərabər gələrək) Biz idik, başqa kimsə yoq, Serğo. Serğo Vay, əfəndim, nasılsınız? Özdəmir Eyiyiz. Serğo Buyurun... Özdəmir Şeyx nerdə?.. Getməliyiz. Serğo Yalnız Allah bilir onun yerini. Özdəmir (xurcunu Serğoya verir) Bunu ver şeyxə; həm də şeylərini Tez boşaltın... həmən dönüb gedəriz. (Sür’ətli adımlarla çəkilib gedərlər) Serğo Hiç məraq etmə, cabəca edəriz. -Xumar Nina ilə bərabər əlində bir qab yemək olduğu halda odasından çıqıb gələrək.* Xumar Bana baq, Serğo!.. Serğo Söylə, sultanım! Xumar Şeyx yatmışmı? Serğo (heyrətlə) Hiç yatarmı, canım! İştə daim onun təbiəti bu... Hiç düşünməz nədir yemək, uyqu. Gecə yıldızla, ayla söhbət edər, Düşünür daima sabahə qadar. Xumar (yeməgi Serğoya verdiyi sırada) Mümkün olduqca hörmət eylə ona, Hər nə əmr etsə, gəl də, söylə bana. Nina Pək nəzakətli zat imiş Sən’an. Xumar (Nina ilə bərabər odasına doğru yürüyərək, onu təsdiq ilə) Əvət, ən möhtərəm, nəcib insan... Hələ dursun kəmalı, mə’rifəti, Onda var sanki evliya sifəti. Serğo dərhal xurcunu alır, boşaltmaq için domuz damına girər. Şeyx Sən’an (bir tərəfdən çıqar, Xumarın getdiyini görüncə) Gediyor İştə nazlı cananım, Gediyor aşinayi-vicdanım, Gediyor İştə dinü imanım, Gediyor səbrü taqətim, canım... (Məhzun və mütəəssir baqışlarla domuz damına yaqlaşır.) Serğo (çıqaraq) Arqadaş! Gəl, yemək gətirdi Xumar. Şeyx Sən’an İştahım yoq... Serğo Gəl!.. Şeyx Sən’an İstəməz israr, Yorğunum, sıtma var canımda bir az. (içəri girər) Serğo Azacıq yatsanız fəna olmaz. (ətrafa) Görünür dərdi tazələndi yenə, Çünki canan göründü gözlərinə. Simon (iki dəliqanlı ilə bərabər gələrək) Serğocan, Serğo! Serğo Vay, Simon, gəl... Simon Sus! Nerdə Sən’an! Serğo Zavallı pək əfsus, Daima qəmli, daima düşkün... Yatıyor, İştə xastalandı bu gün. Simon Sən nə dersin, şu dərbədər Platon Şeyx Sən’anə qız verirmi?.. Serğo Simon! O bir insan ki, pək fürumayə... And içib Tanrı oğlu Isayə, Basmış Incilə əl, inan, verəcək... Simon Şu hərif pək inadçıdır gerçək, Qızı bədbəxt edib də öldürəcək. Serğo (qafasını oynataraq) Burda zənnimcə səhvin olsa gərək, Çünki qız, başqa dürlü bir xilqət, Onu mütləq görən edər heyrət. Şeyxə pək başqa bir məhəbbəti var, Daim ikram edər də, hörməti var. B i r i n c i d ə l i q a n l ı Həp manastır deyib dururdu Xumar, Nə çabuq fikri döndü? Serğo (domuz damını göstərir) Maneə var; Bu uçuq dam Xumar için əl’an Daha qiymətlidir manastırdan. Bu onun səcdəgahı, qibləsidir, Şeyx onun heykəli-müqəddəsidir. İ k i n c i d ə l i q a n l ı (Simona) Şimdi fikrin nə? Şübhə qalmadı hiç, Qız demək şeyxin oldu, sən vaz geç! Serğo Şübhəsiz, bitmək üzrədir müddət, Şeyxi rədd eyləməz Xumar əlbət. Simon (qəhrxənd ilə) Diridir, ölməmiş Simon hala, Ona fürsət verirmiyim? (qayət həyəcanlı) Əsla!.. (Cibindən para ilə dolu bir kisə çıqarır; əlində atıb tutduqdan sonar Serğoya verərək) Doludur həp gümüşlə altın, al! Bu onun qan bahası olsun, al! -Öncə Simon, sonra arqadaşları xəncərləri çəkərək şeyxin yatağına hücum etmək istərlər.* Serğo (Simona) Nə imiş anladım, sənin əməlin. (hər üçünə) Şimdi olmaz, gedin də, sonra gəlin. Bu sırada Özdəmir gəlir, arqa tərəfdə pusub onları dinlər. Nina da Xumarın odasından çıqaraq dərin bir heyrətlə bu əhvalı tamaşa edər. B i r i n c i d ə l i q a n l ı (Simona) Doğru, pək doğru söylüyor, gedəlim, Gecə keçsin, gəlib də öldürəlim. Simon Bəncə fürsət qanatlı bir quşdur, Kim ki, əldən uçursa, sərxoşdur. -Həmən hücum etmək istər, Nina böyük bir iztirab içində baqıb durur. Özdəmir çarçabuq Simonun biləyini yaqalar, xəncər əlindən düşüverir. Dəliqanlılar isə hər biri bir tərəfdən Özdəmiri yaqalayıb qımıldanmasına imkan verməzlər.* İ k i n c i d ə l i q a n l ı (Özdəmirə) Məhv olursun, saqın, qımıldama, dur! -Bu sırada Oğuz gələrək ağır və məğrur bir baqışdan sonra arqadan hər əlilə bir dəliqanlının boğazından tutub şiddətlə sıqar. Hər ikisi boğulacaq bir hala gəlirlər, hər kəsi dəhşət alır.* Oğuz İştə xainlərin cəzası budur! Özdəmir (Simona) Bir düşün, bir utan, qızar, yahu! Səndə bilməm nasıl təbiət bu? Şeyx, o bir möhtərəm, zərərsiz adam, Həm misafir, qərib və aciz adam... Əcəba səndə yoqmudur vicdan? Böylə namərd olurmu hiç insan!? Oğuz Hanki xain bu nev edər rəftar? Ah, namusa küsmüş alçaqlar! Sizmi, Sən’anmı ölməyə şayan? Baq, şu xəncər verir cəvab əl’an. (Həmən xəncərini çəkərək Simona hücum edər) Özdəmir (Oğuzu tutaraq ağır bir ahənglə) Dur!.. Xayır, istəməz bu hiddətü kin, Pəki, ondan nə fərqin oldu sənin? Oğuz Qoy gəbərsin! Özdəmir Xayır, bu hiç olmaz, Güclü gücsüzdən intiqam almaz. (Simonla arqadaşlarına) Dəf’ olun, haydı, durmayın!.. Lakin, Lakin əsla unutmayın, şeyxin Qanını içmək istəyən alçaq Ən nihayət əlimdə qəhr olacaq. Hər üçü silahlarını alıb gedərlər. Şeyx Sən’an (domuz damından çıqaraq) Nə imiş? Söyləyin, nə var, əcəba? Özdəmir Öylə bir şey deyil, əfəndi baba!.. Oğuz (Serğonun əlindəki kisəyi alaraq) Bu nə? Serğo (kəkələyərək) Bilməm... əvət, bu kisə... xayır... Oğuz Şeyx için yoqsa qan bahasımıdır? (Sərt və atəşli bir sillə eşq edər) Şeyx Sən’an Allah, Allah!.. Oğuz, nə yapdın sən?.. Oğuz Sana qəsd etdirən şu xaini bən, Azacıq etmək istədim tə’dib. Şeyx Sən’an Pək yazıq!.. Bir düşün, zavallı qərib. (göyə doğru) Bu fəlakətlərin bütün səbəbi, Həp bənim, bən... bağışla, yarəbbi!.. Oğuz (Serğoya) Baqınıb durma, haydı, kisəyi al! Gəl, işim var səninlə, gəl, abdal! (Serğo kisəyi yerdən alıb Oğuzu izlər.) Özdəmir Şimdi fikrin nədir, böyük şeyxim? Zənn edərsəm olur nəticə vəxim. Səni bunlar epeycə incidəcək, Şübhəsiz, ən sonunda rədd edəcək, Halınız həm də xeyli qorquludur, Kim bilir, bəlkə bir cinayət olur. Qızı istərsəniz alıb gedəlim, Həm də kim qarşı çıqsa, məhv edəlim. Şeyx Sən’an Özdəmir! Parça-parça doğransam, Yenə bir böylə haqsız iş yapmam. Özdəmir Bir sözüm yoq bu rə’yə qarşı bənim, Lakin olduqca ehtiyat lazim... Şeyx Sən’an Gediniz, çünki pək uzaq yolunuz, Bəni Tanrım qorur, əmin olunuz! Özdəmir (xurcunu yerdən alır, şeyxin əlini öpərək) Bir qəza vaqe olsa, şeyxim, inan, Çıqarız həp yolunda var-yoqdan. Daima borcumuz itaətdir, Bizcə hər əmriniz səadətdir. (çəkilib gedər) Şeyx Sən’an Cümlə ikramü lütfünüz məlum, Sağ olun, əskik olmayın, oğlum. (Özdəmirin uzaqlaşdığını görüncə) Uçurum, İştə hər tərəf uçurum! Anlamam bən, nədir bu taleyi-şum!? Nə fəlakət!.. Nədir bu, yarəbbi!? Nina (Səssiz adımlarla çəkilir, Xumarın odasına girdiyi sırada) Serğodur iştə həpsinin səbəbi. Şeyx Sən’an (göyə doğru) Deyil əsla bir iştika, bu nida! Çünki ülvi Xumarın uğrunda Hər bəla bəncə bir səadətdir, Hər cəfa sanki bir məhəbbətdir. Qapının önündəki dəstiyi alır, su gətirmək için bağçanın bir tərəfinə gedər. Azacıq sonra Anton ağ geyimdə digər tərəfdən çıqar, əbus çöhrəli bir gürcü də əlində yaqıcı maye ilə dolu bir dəsti tutaraq onu izlər. Anton (yarım səslə) Serğocan, Serğo!.. Arqadaşı İstəməz, bir dur. (Domuz damına baqaraq) İştə Sən’an yataqda... Baq uyuyur. Anton Serğo!.. Arqadaşı Lazım deyil. Bıraq, gedərim Doğrayıb şeyxi, şimdi məhv edərim. (Dərhal içəri fırlar) Anton (qapıdan baqaraq) Daha vur! Bir də, bir də... (kəndi-kəndinə) Şimdi Xumar Bən kimim, ya nəyim, duyar, anlar. Arqadaşı (çıqaraq heyrət və dəhşətlə) Şu hərif anlamam nə sehr etmiş, Bir təsadüf ki, İştə pək müdhiş!.. Ona hiç xəncər etmiyor tə’sir, Yalnız icra olundu son tədbir. Qapıyı qapar, bu sırada içəridə alav parlamağa başlar. Anton Yoqsa atəşlədinmi? Arqadaşı Öylə, əvət; Yandı Sən’an, kül oldu, getdi... Anton Fəqət, Şimdi dilbər Xumarə müjdə gərək, Ta gəlib seyrə dalsın inliyərək. Xumar Nina ilə bərabər odasından çıqar, onları görür-görməz böyük bir heyrət və təlaş içində baqa qalırlar. Arqadaşı (Antona istehzalı qəhqəhə ilə) Şimdi Sən’an yatıb da rö’yadə, Zevqə dalmış behişti-ə’ladə. (təlaş ilə) Daha durmaq xatalı... Gəl, gedəlim... Gedəlim, haydı... Anton Pək gözəl, gedəlim. Sür’ətli adımlarla uzaqlaşırlar. Xumar Ah!.. Bunlar da bir cinayət arar. Nina Şübhəsiz, başqa bir fəlakət var. Bu sırada şiddətli yel əsməsi, gök gurultusu, yanğın çıtırdısı başlar. Ta pərdənin sonuna qadar davam edər. Xumar (Nina ilə bərabər şaşqın bir halda domuz damına yaqlaşaraq) Anladım, şimdi anladım, bildim. (hiddət və təlaş ilə) Serğo, gəl, Serğo! Nerdəsin? Serğo (görünərək) Gəldim. Xumar Haydı, qoş, durma!.. Gəl, tez aç qapıyı! Nina Xain, alçaq, ədəbsiz, aç qapıyı! Serğo qapıyı açdığı kibi yanğından hasil olan qızıl alav səhnəyi aydınlatır. Gir, çabuq gir, zavallı şeyxi çıqar! Xumar Durma, biçarə yandı, tez qurtar! Serğo içəri girmək istər, fəqət cəsarət edəməz. Qomşular (üç-dört kişi gələrək) Söyləyin bir, nə var? Nə olmuş?.. Xumar Aman!.. Yandı, məhv oldu binəva Sən’an... Qomşular Baqalım, bəlkə yanmamış... Nina (hiddətlə Serğoya) Cəllad!.. Xumar A-h, biçarə şeyx!.. Aman!.. Imdad!.. Bitab olaraq düşəcək olur. Nina həmən kəndisini dutar. Bu sırada Şeyx Sən’an əlində dəsti bir tərəfdən çıqar, hər kəs heyrətindən dona qalır. Şeyx Sən’an (pərəstişkaranə bir tevr ilə) Şeyxi məhv oldu sanmayın zinhar! İştə qarşındayım, sevimli Xumar! Kim ki, eşq atəşilə oldu hədər, Onu yandırmaz öylə atəşlər. Bəni öldürsələr də, bən yaşarım, Tərk edib xəlqi xaliqə qoşarım. Əbədiyyət bənim məzarımdır, Çünki sultani-eşq yarımdır. Eşq için can nisar edən ərlər Əbədi bir həyat içində gülər. Bəni həp parça-parça doğrasalar, Ruhum ölməz, səmayi-eşqə uçar. Uçar ən möhtəşəm fəzalər aşar, Yenə cənnətdə həp səninlə yaşar. Son beyt bitmək üzrə ikən həmən pərdə qapanır. Pərdə -II SƏHNƏ** Mədinədə həsir ilə döşənmiş bir oda... Ətrafda oturub dayanmaq için mindərlər və döşəklər... İki qapı... Bağçaya açılır iki-üç pəncərə... Günəş yeni doğmağa başlayır. Pərdə açıldıqda xidmətçi qara ərəb döşəkləri düzəltərək çıqar. Bu sırada Şeyx Hadi ilə Əbülüla daxil olur. Şeyx Hadi Çoq şükür Rəbbi-zülcəlalimizə, Oldu qİsmət yenə Mədinə bizə. (Pəncərələrdən birini açaraq) Nə müqəddəs havası var... hər an Nəfəs aldıqca qəşş olur insan. Adəta ruhə bir səfa gəliyor, Adəta qəlbə bir şəfa gəliyor. Əbülüla Şeyx Hadi! Nə dersiniz gerçək, İstərim bir çıqıb xəbər bilmək. Şeyx Hadi Soruşub bir nə var, nə yoq bilsən, Bixəbər qalmayız həvadisdən. (pəncərəyi qapayaraq) Yorğunum, bən də bir yarım saət Uzanıb olmaq istərim rahət. (Əbülüla çıqdığı sırada) Fəqət ilk öncə Şeyx Sən’andan Bir xəbər bil!.. Əbülüla Pəki! Şeyx Hadi Unutma, aman, Həm də Zəhrayı sor da, gör o nasıl? Xastadır bəlkə, get iyadət qıl. -Əbülüla gedər. Şeyx Hadi əbasını yüzünə çəkərək uzanır. Bu sırada səhnənin ışığı çəkilib ucdakı ikinci pərdə qalqar.* Şeyx Sən’an (atəşlər, alovlar içində görünərək yarı məhzun, yarı məmnun bir fəryad ilə) Yandım, Allah!.. Nədir bu işgəncə? Həm nə dəhşətli, datlı əyləncə!.. Atəşi-eşq bir səadət imiş, Bu da bir başqa dürlü cənnət imiş. Bəndə yoq iştika, fəqət, yarəbb! Yoqmudur səndə mərhəmət?! Ya Rəbb!.. Gəliyor həp bu hiylələr səndən, Bəni bilməm niçin yaratdın sən?! -Bə’zi mevhum əllərdə xəncərlər, qılıclar parlayaraq Şeyx Sən’ana hücum edildiyi görülür*. Bir mələk (göydən enər kibi gələrək) Hiç məraq etmə, möhtərəm Sən’an! Səni əsla unutmamış Yaratan. Sana xaliq olub yeganə pənah, Həm şəfaətçidir Rəsulüllah. Səni təqdis edər mələklər, inan, Hiç təlaş etmə, gəl, böyük Sən’an! -Şeyx Sən’anın əlindən tutub kənara çəkmək üzrə ikən ikinci pərdə enər. Səhnə aydınlaşır.* Şeyx Hadi (sərsəm kibi qalqaraq) Əcəba!? Lailahə illəllah! Bu nə dəhşətli hal!? Şeyx Əbuzər Ya Allah! Şeyx Əbülləhyə və Şeyx Cəfərlə bərabər daxil olur. Qucaqlaşıb öpüşürlər. Şeyx Hadi Buyurun! Şeyx Əbuzər Keyfiniz nasıl? Şeyx Hadi Eyiyim. Şeyx Əbuzər Parlasın ictihadınız daim, Sizə əcr eyləsin əta qadir. Şeyx Hadi Gördünüzmü Əbülülayı?.. Şeyx Əbuzər Xayır. Şeyx Hadi Söyləyin bir, nə var, nə yoq, Zəhra Eyiləşmişmi? Şeyx Əbuzər Halı xeyli fəna, Yaşıyor canlı bir cənazə kibi. Şeyx Hadi Sən böyüksün, Ilahi, yarəbbi! Şeyx Əbuzər Yeməz-içməz, zavallı pək düşgün... Ağlamaz, ağlatır cihanı bütün. Həm seçilməz o bir müqəvvadən, Ölüdür, köçməmiş bu dünyadən, Daima türbeyi-Rəsulə gedər, Yalvarıb Haqqa ərzi-hacət edər. Şeyx Hadi Daha kafi şu qəmli qissə, aman! Azacıq söylə Şeyx Sən’andan. Yoqmu hiç bir xəbər, gələn, ya gedən? Şeyx Əbuzər Yolçu var Məkkeyi-mükərrəmədən, Söylənən sözlər olsa həp gerçək, Şeyx Sən’an, demək yarın gələcək. Şeyx Hadi Çoq şükür, çoq şükür, böyük Tanrı! Şeyx Əbuzər Anlatıb sən də söylə bir barı, Pək uzun sürdü adəta bu səfər. Qardaşım, söylə bir nə var, nə xəbər? Şeyx Hadi Sormayın, sormayın nə halətdir, Bu səfər bir yığın fəlakətdir. Ah, əvət şimdi yalnız on kişidən Sağ qalan bir Əbülüla, bir bən... Hər üçü (böyük bir yə’s və heyrət içində ahəngi-məxsus ilə) “Inna-lillahi və inna-ileyhi raciun”. Şeyx Əbülləhyə (dərin bir sükutdan sonra) Nə fəlakətli hal, aman, ya Rəb! Şeyx Cəfər Nə imiş, kim bilir, bu halə səbəb? Şeyx Əbuzər Nə təəssüflü bir xəbər... Eyvah!.. (Şeyx Hadiyə) Hər nə keçmişsə eylə həp izah! Şeyx Hadi Kə’bədən biz o gün ki, ayrıldıq, Və’zü təbliğə başladıq artıq. Gəzdik az-çoq Yəmən diyarində, Azacıq sonra atladıq Hində. Edərək hər tərəfdə nitq irad, Xəlqi də’vətlə eylədik irşad. Eyləyib ərzi-ehtiramü səlam, Bizi alqışlıyordu həp islam, Başqa dinlərdə bir çoq insanlar Həp sorar, həp arardı bürhanlar. Çünki pək güc deyildi ilzamı, Həp qəbul etdi dini-islamı. Şeyx Əbülləhyə Əvət, islam yüksəlir, enməz. Şeyx Cəfər Nuri-həq daima yanar, sönməz. Şeyx Hadi O civarlarda İştə bir müddət Göstərib himmət, eylədik də’vət Nagəhan başlayıb vəba, taun Sardı ətrafı, xəlqi etdi zəbun. Çarəsiz, biz də Hindi tərk edərək, Geri döndük təəssüf eyləyərək. Bəhri-Ümmanda sonra bir tufan, Bir bəla qopdu, sarsılırdı cihan. Gecədən keçməmişdi bir o qadar, Oldu dəhşətlə runüma məhşər. Pək yaqındıq o dəmdə sahilə biz, Sarsılıb durdu nagəhan gəmimiz. Qocaman dalğalar hücum edərək, Çıldırıb ıçqırırdı kükrəyərək. Dəli yellər alay-alay qoşaraq, Gəminin yelkənilə çarpışaraq, Qıldı həp parça-parça bir anda, Hökm edib durdu yə’s hər yanda. Hər tərəfdən ucaldı ahü fəğan; Ağlayan, inləyən, düşən, bağıran, Bir yığın binəva, səfil insan Yalvarıb Haqqa istiyordu aman. Çırpınırkən xilas için həpimiz Daha dəhşətlənib qudurdu dəniz. Topa tutmaqla yıldırım hər an, Gurlayıb yolçularda qoymadı can, Bir tərəfdən də parlayıb şimşək, Xəlqi titrətdi həp qılınc çəkərək. Gök dənizdən seçilmiyor əsla; Yer bəla, gök bəla, mühit bəla... Çarpışır yolçularla fırtınalar, Hər kəsin gözlərində dəhşət var. Son nəfəs İştə, yoq ümidi-nicat, Gəmimiz batmaq üzrədir, heyhat! Şeyx Əbülləhyə Bir təsadüf ki, həp fəlakət imiş. Şeyx Cəfər Bir umulmaz qəza ki, dəhşət imiş!.. Şeyx Hadi (dəvam ilə) Yolçular çarəsiz qalıb nagah, İki-bir, üç-bir oldular həmrah. Gəmidən fırlayıb da çırpınaraq, İstiyorlardı həp xilas olmaq. Suda bir xeyli qol-qanat çaldıq, Həp yorulduq da duyğusuz qaldıq. Böylə müztər görüncə halətimi, Söylədim kəlmeyi-şəhadətimi, Çarpışırkən ümidü yə’slə bən, Gəldi bir səs bu anda sahildən, Səs gələn səmti izləyib buldum, Allahın yardımilə qurtuldum. Gecə bilməm nasıl keçib getdi. Ən nihayət günəş tülu’ etdi. Baqdım, əfsus, qurtulan bizdən Yalınız bir Əbülüla, bir bən... Şeyx Əbuzər Tanrı qərq eyləsin də rəhmətinə, Əfv qılsın rəsulu hörmətinə. Sizə səbri-cəmil edib ehsan, Ömrülər eyləsin əta Sübhan. Əbülüla (daxil olaraq) Şeyx Sədra yanında həp ixvan Gəliyor... Şeyx Hadi Pək gözəl, fəqət Sən’an?! Əbülüla Onu bən görmədim, xayır... Şeyx Hadi (təlaş və heyrətlə) Əcəba! Bir həqiqətmi gördüyüm rö’ya?! (pəncərəyi açıb göyə doğru baqaraq) Ah, tar oldu gözlərimdə fəza, Var imiş şeyximin başında qəza. -Mə’yus bir halda dalıb gedər. Şeyx Sədra öndə olaraq bütün şeyxlər və müridlər yorğun adımlarla daxil olurlar. Şeyx Hadi başını qaldırır. Gələnləri ağır və kəskin baqışlarla süzdükdən sonra Şeyx Sədrayə.* Söylə, Sədra, nə oldu şeyxinizə? Əbədi bir vidamı etdi sizə? Şeyx Sədra mütərəddid bir halda düşünür. Düşünüb durma böylə heyrətlə, Söylə, aç!.. Hər nə varsa aç, söylə!.. Şeyx Sədra Şeyxi bizdən ayırdı Gürcüstan, Şimdi artıq o, başqa bir insan... Şeyx Hadi Sağ ya? Şeyx Sədra Əlbəttə! Şeyx Hadi (göyə doğru) Çoq şükür, ya Rəb! (Şeyx Sədrayə) Niçin ayrıldınız, nə oldu səbəb? Şeyx Sədra sükut edər. Söylə, gizlətmə! Şeyx Mərvan (Şeyx Sədrayə) Söylə, həp söylə! Şeyx Hadi (Şeyx Mərvanə) Haydı, sən söylə, sən dəvam eylə! Şeyx Mərvan Şeyximiz satdı dini, imanı, Şeyximiz atdı hökmi-Qur’anı, Hökmi-Qur’anı atdı bir qız için, Həm şərab içdi, həm xaç asdı, bilin! O qadından qaçan böyük Sən’an, Domuz otlatmaq üzrə oldu çoban. Şeyx Hadi (mə’nalı bir ahənglə) Böylə gördükdə, şübhəsiz, həpiniz, Ona nifrətlə duyğu bəslədiniz! (Istehzalı qəhqəhə ilə) Gəldiniz?.. Həm də Şeyx Sən’ansız!.. Cümləniz bir cəsəd ki, həp cansız. Qaliba sizcə öylə bir ustad, Olunur şimdi lə’nü tə’nlə yad!? Şeyx Mərvan Onu təkfirə qalqışan vicdan Bir qəbahətmi işliyor? Şeyx Hadi (qayət hiddətli) Mərvan! Görmədim bən sənin qadar nankor, Bir gözün kor deyil ki, vicdan kor. Hər kəsdə dərin bir sükut. (ümuma) Sizdə insaf yoq, həmiyyət yoq! Mürşidi-binəzirə hörmət yoq. Çünki yoq ruhunuzda ülviyyət, Qəlbiniz həp zəbuni-süfliyyət... Tutsa afaqı şö’leyi-hikmət, Onu duymaz dumanlı gözlər, əvət. Şeyx Sən’an, o şəmsi-aləmtab Oldu kafir, xaç asdı, içdi şərab; Hər nə yapdisə, şübhəsiz, siz də – Siz də həp yapmalıydınız, siz də, Siz də həp olmalıydınız tərsa, Mə’siyətdənmi qorqdunuz yoqsa!.. Halbuki küfrü Şeyx Sən’anın. O fəzilətli piri-irfanın Sizin imanınızdan uladır, Haq bilir, həm də bin qat ə’ladır. Ümum Xeyli yalvardıq, iştə rədd etdi. Şeyx Mərvan Bizi nifrətlə tərk edib getdi. Şeyx Hadi Həpiniz çünki kəcnəzər, xain, Həm də zahirpərəst, bədbatin... Sizdə olsaydı şübhəsiz vicdan, Bilərək Şeyxi Kə’beyi-iman, Ona hiç söyləməzdiniz azğın, Onu zənn eyləməzdiniz sapqın. (Şeyx Sədrayə) Söylə, Sədra, yalanmı söylədiyim? Şeyx Sədra Doğru, pək doğru, möhtərəm şeyxim! (təbdili tevr ilə) Şübhə yoq, gərçi sizcə mənfuruz Lakin az-çoq bu işdə mə’zuruz. Şeyx Hadi Məsəla?.. Şərh edib də söylə nasıl? Şeyx Sədra Şeyxi tərk eyləyib tamam bir yıl Gəzib ətrafı olmadıq mə’yus, Dini təbliğə başladıq... Əfsus!.. Bir də döndük, bulunca Sən’anı, Gördük olmuş o bir domuz çobanı. İki gün yalvarıb rica etdik, Gecə-gündüz həp iltica etdik. Yenə rədd etdi... Baqdım olmuş əsir, Nə qadar yalvarılsa yoq tə’sir. Şeyx Hadi Pək gözəl, siz qalaydınız orada. Şeyx Sədra İştə həp arqadaşlarım burada! Qalalım söylədim də, baqmadılar, E’tiraz etdilər bütün... Naçar Bən fəqət qalmaq istədim tənha, Buldu Sən’an bu fikri pək bica. Ən nihayət şikəstəpər, mə’yus, Eylədik cümləmiz vida, əfsus. Şeyx Hadi Şeyx Sən’an, o bir böyük ümman, Onda yoq qə’rü ibtida, payan. Onu idrak için kəmal istər, Əhli-zevq istər, əhli-hal istər Ah, əvət, şimdi gördüyüm rö’ya Nə tuhaf levhə, bilsəniz... Şeyx Mərvan (Şeyx Nəimə müstəhzi) Əcəba?! Şeyx Sədra (Şeyx Hadiyə) Lütf edib söyləyin, rica edərim. Şeyx Hadi Gördüm əl’an ki, şeyxi-dərbədərim Yanıyor... halı pək müşəvvəşdir. Bütün ətraf alavdır, atəşdir. Parlar əllərdə həp qılıc, xəncər, Titrətib şeyxi zəhrəçak eylər. Hər kəsdə dərin bir heyrət. Nagəhan bir gözəl, sevimli mələk Endi göydən, təbəssüm eyləyərək. Şeyxi qaldırdı səmti-balayə, Ərşi-ə’layə, qürbi-mövlayə. Ümum Şeyximiz rəhnümayi-irfandır!.. Şeyx Əbuzər Şübhəsiz, lütfi-həqqə şayandır. B i r i n c i ş e y x Ya niçin öylə şeyxi tərk etdik? İk i n c i ş e y x Nə xəta eylədik, nə kəc getdik!? Şeyx Hadi Çünki siz korsunuz... O, mənbeyi-nur... Əbülüla Fəqət ən son nədamət əfv olunur. B i r i n c i ş e y x Yenə həp şeyxə doğru qoşmalıyız. İ k i n c i ş e y x Şübhəsiz, şübhəsiz, buluşmalıyız. Şeyx Sədra (qafasını oynataraq, istehzalı və mə’nalı bir ahənglə) Pək təbii deyilmidir, əcəba?! Azacıq tar olursa şimdi hava, Sevinir hər tərəfdə şəbpərələr Aldanıb qafilanə rəqs eylər. Zənn edərlər günəş üful etmiş, Büsbütün nuru məhv olub getmiş... Bir qadar sonra parlayıb təkrar, Bütün afaqı nuri-hüsnü yaqar. Ürkərək həpsi bunca şə’şəədən, Şaşırır, diksinir... Nə batil zənn!.. Şeyx Hadi Bir qəbahət bu, həm də pək müdhiş! Başqa bir çarə yoq, keçən keçmiş... Fəzlədir bəncə vəqti qeyb etmək, Şimdi fürsətdən istifadə gərək. Gedəlim türbeyi-rəsula, gəlin, Həm ziyarət, həm ərzi-hacət için. Edəlim ərzi-ehtiramü səlam, Edəlim həp şəfaət istirham. Qoşalım sonra Şeyx Sən’anə, Qoşalım rəhnümayi-irfanə. Ümum Gedəlim, haydı durmayın, gedəlim; Gedəlim, şeyxə can nisar edəlim. -Şeyx Hadi ilə Şeyx Sədra çıqar. Bütün şeyxlər və müridlər də onları izlər*. Şeyx Mərvan (çıqdığı sırada Şeyx Nəimə) Həpsi boş bir xəyalə aldanıyor, Zülməti-küfrü nuri-həq sanıyor!.. Əbülüla (ən arqada olaraq mə’nalı bir ahənglə, hər ikisinə) Bir həqiqətdir iştə, gözsüzlər Kor olur, nuri-həqqi görməzlər... Pərdə * * * Dördüncü pərdə -I SƏHNƏ** -İkinci pərdənin səhnəsində olduğu kibi, yol üzərində küçük bir balkon... Qarşıda çiçəkli bir baqça; mayıs... Pazar günü... Pərdə açıldıqda dört-beş dəliqanlı gürcü sərxoş bir halda yoldan keçərlər. Bunlardan biri öndə çalğı çalar, biri də tuhaf və gülünc vəziyyətlərlə oynar, digərləri isə əl çalarlar. Nina balkona çıqıb onları tamaşayə dalar. Dəliqanlılar çalıb oynadıqları halda uzaqlaşıb gedərlər. Bu sırada Xumar da çıqar.* Nina (Xumara) Daima evdə sanki bir dutsaq... Nə olur bir çıqıb hava alsaq!? Şimdi var hər gönüldə zevqə həvəs, Çalar, oynar da əylənir hər kəs. Baq, cihan həp gülümsüyor, bir baq! Sən fəqət, sən bu feyzdən pək uzaq... Xumar Bəni sən hiç məlamət etmə, gülüm! Hər nə yapsam açılmıyor gönlüm. Şu dilara, sevimli mənzərələr Artırır bəndə sanki hüznü kədər. -Bu sırada öncə əlvan geyinmiş qızlar və çocuqlar, sonra dəliqanlılar, nəş’əli, munis bir ahənglə şərqi çağıra-çağıra gəlib keçərlər.* Q ı z l a r v ə ç o c u q l a r Açmış mənəkşə, sünbül, Xəndan olur qızılgül; Ötdükcə, sanki bülbül Rəqs etdirir xəyali... D ə l i q a n l ı l a r Hərdəm günəş gülümsər, Süslər cihanı yeksər; Məczub edər sərasər Ənzari-əhli-hali... Q ı z l a r v ə ç o c u q l a r Dünya tərəblə dolmuş, Bir parça cənnət olmuş, Hər ruh nəş’ə bulmuş, Hər qəlb açıq, səfali... D ə l i q a n l ı l a r Hər gözdə bir məhəbbət, Hər yüzdə bir səadət; Həp əhli-zevqü işrət Sərməstü laübali... Bu anda sür’ətli bir surətdə kilisədə çalınmaqda olan çan səsi eşidilməyə başlar. Xumar Nina, baq, İştə dinlə çan səsini, Dinlə ömrün şikəstə naləsini. Xalq bir yanda şərqilər çağırır, Çalar, oynar da, həp gülər, bağırır, Başqa bir yanda bir zavallı fəqət Zevqi-dünyayə həp qalır həsrət. Sarsılır cümlə əqrəbası onun Daima yaslı, daima məhzun... Nina Sən məraq etmə, hiç sıqılma, Xumar! Çünki bir fərd ölür də, dördü doğar. Xumar Doğar, amma doğub doğurmaqdan Nə çıqar sanki!? Nina (yola baqaraq) İştə gəldi baban! Xumar (papası babası ilə bərabər görüncə, istikrahla) Şu papas, ah! Pək xəyanətkar, Yenə bəsbəlli bir xəyanəti var. Hər ikisi içəri girər, təkrar çan səsi eşidilir. Papas İştə baq, dinliyormusun, Platon? P l a t o n Yenə kimdir ölən? Papas Zavallı Simon. P l a t o n Ah, yazıq! Söylə bir, nə oldu? Nasıl? Papas Aşiq olmuş Xumarə tam iki yıl, Ağlayıb sızlamış... fəqət naçar, Aqibət vermiş intiharə qərar. P l a t o n Pək yazıq!.. Başqa bir yigitti Simon. Papas Hələ biçarə Anton, a-h, Anton!.. Sanki bitmiş də, yoq həyat onda, O da er-gec olur Xumarə fəda. P l a t o n Şeyx Sən’anı mütməin etdim, Çarə yoq, söz verib yəmin etdim. Papas Bulunur şeymi öylə bir evlad! Qızı bədbəxt edərsin, etmə inad! P l a t o n (laübali qəhqəhə ilə) Pək tuhaf!.. Kim? Xumarmı?! Pək yanılış... Fərq yoq, onca bir demək yaz-qış. Həp müsavidir, onca hüznü nəşat, Onca birdir əvət, həyatü məmat. Papas Anlamam bən nədir bu lafü gəzaf Platon, səndə yoqmudur insaf? P l a t o n (Papasın qolundan tutaraq) Pək gözəl... Anladım məramını, gəl! Dinləriz hər nə olsa hökmi-əzəl. -Hər ikisi içəri girər. Bu sırada Şeyx Sən’an zində və nurani bir sima ilə, fəqət saçı, saqalı büsbütün ağarmış, əlində bir çoban dəgnəgi olduğu halda bağça tərəfində görünür, ağır və düşüncəli adımlarla balkona doğru ilərləməyə başlar. Bu anda Xumar da balkona çıqar. Şeyx Sən’an Xumarın qarşısında duraraq mə’nalı və söz söyləyəcək bir baqışla baqıb durur.* Xumar Yoqsa bir xahişinmi var, Sən’an? Hər nə qəlbində varsa, eylə bəyan... Şeyx Sən’an Söylə, ey aşinayi-vicdanım! Söylə, sən söylə, nazlı sultanım. Söylə, sən söylə... bəndə taqət yoq, Bir də zənnimcə ərzə hacət yoq. Bəllidir çünki səncə hər halım, Çünki sənsin pəriyi-amalım... Xumar (nazikanə) Fikriniz pək dumanlı, pək mübhəm... Nə demək istiyorsunuz, bilməm?.. Azacıq sükut. Serğo (gələrək, Şeyx Sən’anə) Soruşub bir yığın sarıqlı adam, Səni, şeyxim, arardı biaram. Qaliba həpsi əski yoldaşlar, Azacıq sonra həp gəlir də çıqar. Şeyx Sən’an (hiddətli və usanmış bir halda) O domuzlar ki, otlatır Sən’an Şübhəsiz, fərqi yoqdur onlardan. İstəməm görmək, istəməm... Sən get, Yolda qandır, çevir, həmən dəf’ et! Serğo dərhal uzaqlaşıb gedər. (pərəstişkaranə bir vəziyyətlə) Bir düşün!.. Nazənin, sevimli Xumar! Bəllidir İştə səncə həp əsrar. Getdi uğrunda dinü imanım, Getdi həp fəzlü şöhrətim, şanım. Unutub cümlə hökmi-Qur’anı, Oldum axırda bir domuz çobanı. (başını açaraq) Saqalım, həp saçım ağardı bütün, İki yıldır ki, gülmədim bir gün. Bəni yalnız yaşatdı bir rö’ya, Öylə rö’ya ki, datlı bir xülya... Dərdi-həsrətlə daima yanaraq, Yaşadım bir xəyalə aldanaraq. Söylə, əmrin nədir, gözəl mələgim? Hədər olsunmu şimdi həp əməgim? Xumar (səmimi və mütəəssir) Möhtərəm şeyx!.. Ey böyük Sən’an! (artıq sözünə dəvam edəməz) Şeyx Sən’an Söylə, ruhum! Düşünmə, söylə, aman! Söylə, əsla çəkinmə, söylə, Xumar! Bəndə hər əmrə qarşı hörmət var. Məzhər olduqca hər xitabinə bən, Keçərim sanki kəndi-kəndimdən. Söylə, güldür bu ruhi-nalanı, Gül, sevindir bu qəlbi-giryanı, Bana səndən gəlirsə qəhrü itab, Yenə gönlüm edər qəbulə şitab. Sənin uğrunda məhv olub getmək Ən böyük bir səadət olsa gərək... Bu sırada P a p a s , P l a t o n və N i n a balkona çıqarlar. P l a t o n (Xumarə) Yenə Sən’an nə istiyor əcəba? Şeyx Sən’an Tək vəfa istərim də, və’də vəfa. Papas Nə demək istiyorsun? Izah et! Şeyx Sən’an (azacıq hiddətli və e’tinasız) Sana race deyil sözüm, keç get! Papas (Platona) Zənn edərsəm şu dərbədər məcnun. Şeyx Sən’an (zəhrxənd ilə) Xəlqi məcnunlar ədd edər məcnun. P l a t o n Soralım bir Xumarə... Papas Olmaz, inan, Xayır, əsla bu işdə yoq imkan. Şu hərif çünki tutmamış sözini, İzliyormuş həp əski yol-izini. P l a t o n Nə diyorsun, canım!? Papas Əmin olunuz, Görmədim böylə Tanrısız, yolsuz, Yenə Qur’an oqur, namaz qılar, Yenə islamə qarşı hürməti var. Şeyx Sən’an (Platona) Həp yalan, iftira!.. Inanma, saqın! Papas (hücum ilə şeyxin göksünü açaraq) Hanı, göstər nə oldu, nerdə xaçın? (xaçı bulamayınca, qayət hiddətli) İştə gördünmü? Sayğısız, xain! Varmıdır sanki səndə məzhəb, din? Şeyx Sən’an (zəhrxənd ilə) Arif ol, arif!.. Atma vicdanı, Ara qəlbində dini, imanı. (Papasın göksündəki böyük xaça işarətlə) Zahirin pək gözəl, fəqət nə çıqar? Oynaşır batinində şeytanlar. Papas (şaşqın və hiddətli) Ah, sus!.. Insan qılıqlı şeytan, sus! Şeyx Sən’an Sanki bən susdum, öylədir əfsus. Papas Haydı, get! Burda durma, get, dəf’ ol! Get! Əvət, başqa bir pənah ara, bul. Xumar A-h! P l a t o n (Papasa) Gəl, gəl!.. Zavallı şeyxi bıraq! Papas (Şeyx Sən’ana) Get, çəkil, durma!.. Sərsəri, alçaq! Şeyx Sən’an A-h, alçaqmı? Sərsərimi?!. Papas Əvət, Sana layiq cəza budur əlbət... Dərhal Xumar ilə Platonu yaqalar, bərabər içəri girərlər. Yalnız Nina dışarıda qalıb şaşqın bir halda düşünüb durur. Şeyx Sən’an (Xumarın getdiyini görüncə, suzişli və məcnunanə) Getmə, gəl!.. Nazənin Xumarım, gəl! Daha yoq səbrü ixtiyarım, gəl! Bitdi, məhv oldu bənligim, heyhat!.. Bəndə yoq qeyri arizuyi-həyat. Getdi, həp söndü, getdi hər əməlim, Gözəlim! Gəl də bir vida edəlim. Gəl!.. Aman, gəl!.. Gecikmə gəl, mələgim! (geri çəkilib yol üzərində münfəil və mütəhəssir bir halda baqaraq) Əlvida!.. Əlvida!.. Gözəl mələgim!.. (mütərəddid və məcnunanə adımlarla sağ tərəfdən çəkilib gedər.) Xumar (çıqaraq, Ninaya) Nerdə Sən’an? Nə oldu? Nina Getdi, Xumar! Getdi, məcnuni-eşqin etdi fərar. Xumar O böyük qəlbi qırdılarmı?.. Aman, Onu təhqir edən nasıl insan? (yola doğru enərək, şeyxin getdiyi tərəfə) Ey böyük şeyx! Ey böyük Sən’an, Azacıq bəklə, getmə, getmə, aman!.. -Həmən qoşaraq şeyxi izlər, Nina kəndisi də Xumarı izlər. Bu sırada Özdəmirlə Oğuz öndə olaraq Ş e y x H a d i , bütün şeyxlər və müridlərlə bərabər yolun sol tərəfindən çıqarlar*. Ümum (həyəcanlı bir ahənglə) Nerdədir? Nerdə rəhbəri-vicdan? Söyləyin nerdə qibleyi-iman? Şeyximiz nerdə, nerdədir Sən’an? Söyləyin nerdə Kə’beyi-irfan?.. Papas (Platonla bərabər balkona çıqaraq) Kimi istərsiniz? Nə var, nə xəbər!? Ümum Şeyx Sən’anı lütf edib göstər! Papas Kim bilir nerdə şeyxiniz? Əl’an Dəf’ olub getdi, burda yoq Sən’an! Ümum (həyəcanlı və sarsılmış bir halda papasa) Sana layiqmi böylə bir tə’bir, Şeyxi həddinmi eyləmək təhqir? Sana layiqmi böylə bir həzyan? Bir düşün, bir düşün, səfil insan. P l a t o n Arqadaşlar, qüsurə baqmayınız, Azacıq burda bəkləyin yalınız, Şimdi nerdəysə şeyxiniz Sən’an, Gəlir əlbət... gəlir çıqar əl’an. -Q ı z l a r , ç o c u q l a r və d ə l i q a n l ı l a r bir yerdə qarışıq səslə təranəsaz olaraq gəlirlər. Hər kəs onlara mültəfit olur.* Açmış mənəkşə, sünbül, Xəndan olur qızılgül, Ötdükcə sanki bülbül, Rəqs etdirir xəyali... -Bu sırada Nina böyük bir təlaş ilə sağ tərəfdən qoşub gəlir və hər kəsin nəzərdiqqətini cəlb edər*. Nina Getdi, eyvah, getdi, getdi Xumar, O da Sən’anə uydu, etdi fərar. P l a t o n (böyük bir hiddətlə papasa) İştə gördünmü? Sayğısız budala! Bəni aləmdə eylədin rüsva... Papas (yoldan keçən gürcülərə) Düşünün bir nə söylüyor Nina, Daha durmaqda varmı bir mə’na!? Gürcülər Fürsət əldən çıqar, həmən gedəlim. (Dərhal qoşub gedərlər.) Şeyx Hadi (yanındakılara) Gedəlim, biz də şeyxi dərk edəlim. Ümum Gedəlim, haydı durmayın, gedəlim! Gedəlim, şeyxə can nisar edəlim... -Onlar da həyəcanlı və sür’ətli adımlarla gürcüləri izlər. Artıq son beyt bitmək üzrə ikən pərdə qapanmış olur.* Pərdə -II SƏHNƏ** -Qürub zamanı, bir tərəfdə Kür nəhri, bəridə, Kür boyunca yalçın bir qaya... Kənarda,qayanın ta ötəsində bir ormancıq... Görünməz tərəfdən qayanın təpəsinə yol varsa da, səhnə tərəfi fəqət bir uçurumdan ibarətdir. Pərdə açıldıqda, uzaqlarda, səhrayi və məhzunanə bir çoban düdügü iniltisi ruhları məczub edər.* -Şeyx Sən’an əlində dəgnək, başı açıq, saçları dağınıq, düşüncəli və yorğun bir halda qaya başında görünür. Ağır-ağır nəfəs alır, bir qaç adım ataraq dönüb geri baqar. Bir-iki dərin ah çəkib yeniylə alnının tərini silər. Bu sırada ixtiyar, nurani Dərviş ağaclıqdan çıqar. Şeyx Sən’anı bu halda görüncə istehzalı bir baqışdan sonra laübali və ağır qəhqəhələrlə gülər. Şeyx isə ürkək bir tevr ilə Dərvişə baqmağa başlar.* Dərviş Nə qiyafət bu! Söylə, söylə nə var? Nerdə əvvəlki şeyxlər, xocalar? Söylə, ey şeyxi-dərbədər, bu nə hal? Nerdə əvvəlki ehtişamü cəlal? Şeyx Sən’an (yan tərəfə baqaraq, əlilə Dərvişə göstərir) Yalınız şeyxlər deyil, hətta Şimdi baq, izliyor papaslar da. Bana olmuş cihan pərəstişkar, Şimdi pək başqa bir cəlalım var. Sanma islamə rəhbərim tənha, Peyrəvimdir xıristiyanlar da. Dərviş (Şeyxin göstərdiyi tərəfə baqaraq, heyrətlə) Bu gəliş bir hücumu andırıyor, İştə baq, yoqmu səndə əqlü şüur!? Həpsinin yüz-gözündə qan coşuyor, Həpsi bir intiqam için qoşuyor. Şeyx Sən’an (diqqətlə baqaraq) A-h, əvət, həpsi bivəfa, qəddar... Qoşuyor, həm də önlərincə Xumar! Dərviş Bir səbəbsiz deyil bu hiddətü kin? Şeyx Sən’an İxtilaf, ixtilafi-məzhəbü din... Dərviş (yarım qəhqəhə ilə) İştə gördünmü din nələr doğurur? Nə bəlalar, nə fitnələr doğurur? Din bir olsaydı yer yüzündə əgər, Daha məs’ud olurdu cinsi-bəşər. Şeyx Sən’an (uzaq üfüqlərə doğru, dəhşətli və yaralı bir ahənglə) Şeyx, ya şeyx, gəl də seyr eylə, Yandım atəşdə kəndi rə’yimlə. Bən qulaq vermədim dəgərli sözə, Həp qadından gəlir nə gəlsə bizə. Dərviş (mütəbəssim) Şu xəyali xitab əcəb kimədir? Şeyx Sən’an Ah, sağ olsaydı şimdi Şeyx Kəbir, Ataraq seyr edərdi pək ələni, Kəndi mö’cüznüma kəramətini. Dərviş Baqma, şeyxim, şu hali-pürqəminə, Giriyorsun həqiqət aləminə. Fəzli-həqq runüma kəmalında, Parlıyor nuri-həqq cəmalında. Səndə bir əhli-hal əlaməti var, Səndə əl’an Xuda qiyafəti var. Şeyx Sən’an (usanmış bir tevr ilə) Söylənib durma, sən də get, dəf ol!.. Get də bir başqa sayğısız ara, bul! Əlverir, istəməz şu mevhumat, Getdi, məhv oldu bənliyim, heyhat!.. Bəni sən eylədin bu dərdə düçar, Get, çəkil, durma... (Xumarın gəldiyini görüncə) Ah, Xumar, Xumar! Niyə gəldin? Deyil bu illətsiz? Bəni məhv eyləməkmi niyyətiniz? Xumar (yaqlaşaraq) Şeyx, ya şeyx! Durma, gəl qaçalım, Gəl, aman, gəl qaçıb da qurtulalım. Şeyx Sən’an (sərsəmcə) Ah, bəndən nə istiyorsun? Get!.. Xumar (bir az daha yaqlaşaraq) Möhtərəm şeyx! Inadı gəl tərk et. Dərviş Fəzlədir, şeyxim, öylə bir təhqir, Daha kafi... Nədamət əfv edilir. Xumar Əvət əfv et, qüsurə baqma, aman! Səndədir könlüm, a-h, səndə... inan! Pək müqəddəsdir İştə bəncə sənin Hər şeyin, həp təriqətin, dinin. Şeyx Sən’an (Xumarın saçlarını oqşayaraq) Bəni xatırlayıb da gəlmişsin, Görünür bivəfa deyilmişsin. Dərviş (qafasını oynataraq, yarım qəhqəhə ilə) Bə’zi dilbər mələklərin, Sən’an, Halı bir kölgədən seçilməz, inan. Onu tə’qibə başlayınca qaçar, Yüz çevirsən, həmən peşincə uçar. -Təkrar mə’nalı bir tərzdə qafasını oynataraq laübali adımlarla çəkilib gedər. Şeyxi düşüncə, Xumarı heyrət alır. Bu sırada yan tərəfdən Özdəmirlə Oğuz, bütün şeyxlər və müridlər qoşaraq gəlirlər. Şeyx Sən’anı qayanın təpəsində görüncə.* Ümum İştə şeyx, İştə möhtərəm Sən’an! Sana çoq-çoq şükür, böyük Yaradan!.. Şeyx Sən’an (heyrətli və istehzalı bir təbəssümlə) Sərsərilər, zavallı şaşqınlar! Gediniz, haydı, haydı, azğınlar! Şeyx Hadi (Şeyx Sən’anın saç-saqalının ağardığına diqqət edərək) Həp dəyişmiş sevimli siması. Şeyx Sədra (Sən’anə) Şeyxim, en gəl, xətərlidir orası. Şeyx Sən’an Yüksələn məhv olur, fəqət enməz! Nuri-həqq daima yanar, sönməz! Şeyx Hadi Şu soğuqluq, şu iğbirar nədən? Şeyx! Unutdunmu yoqsa bizləri sən? En gəl, en gəl! Ziyarət eyliyəlim, Sana həp macərayı söylüyəlim. Şeyx Sən’an Xayır, alçalmam, istəyən gəlsin, Bəni hər kim sevərsə, yüksəlsin. Əbülüla Şeyxim, əfv eylə, çünki mə’zuruz, Qürbət eldir, yol-iz nə, bilmiyoruz. Şeyx Sən’an Kim yol-iz bilmiyorsa, dəf’ olsun, Bəni ancaq bu hal edər məmnun. Oğuz (Şeyx Hadiyə) Başqa bir yol da var, gəlin gedəlim. Şeyx Hadi Gedəlim, haydı, şeyxi dərk edəlim. Ümum (Oğuzu izləyərək) Durmayın, durmayın... Haman varalım, Gedəlim, bəlkə şeyxi qurtaralım. Qoşub gedərlər. Xumar (ətrafa baqaraq böyük bir təlaş ilə) Qaçalım, şeyx, gəldilər, qaçalım, Gəldilər həp bizimkilər, qaçalım. Şeyx Sən’an Baq, Xumar! İştə hər tərəf uçurum... Xumar İstəsən bən səninlə məhv olurum. -Papas və P l a t o n öndə olaraq, gürcülərlə bərabər qayanın üzərində görünürlər. Xumar “ah!” deyə Şeyx Sən’anın qolları arasına sığınır, gürcülərdən bir-ikisi hücum etmək istər.* Papas (gürcülərə) Azacıq səbr edin... (Xumara) Xumar! Xumar! Sana layiqmi böylə bir rəftar? Bir düşün, bir düşün, nə yapdın sən? Yüz çevirmişmidir Xuda səndən? (Şeyx Sən’ana işarətlə) Ah! O, insan qılıqlı şeytandır, Ayrıl ondan, o, xain insandır! Xumar Bu təmənnayı bir də etmə, saqın! Can cəsəddən rəvamı ayrılsın!? P l a t o n Qəhr olursun, Xumar, inan!.. Həm də Bəni bədnam edərsin aləmdə. Şeyx Sən’an (istirham ilə, Xumarə) Get, babandır, Xumar, itaət qıl! Hər nə əmr etsə dinlə, hürmət qıl! Xumar İstəməm, şeyxim, iltiması bıraq, İstəməm, sənsiz istəməm yaşamaq. Papas (batmaqda olan günəşi Xumara göstərərək) Baq, qızarmış günəş, səbəb var ya! Utanıb qaçmaq istiyor... Guya O da qızğın sənin zəlalətinə, O da küskün sənin bu halətinə. Xumar (acı təbəssümlə) Bən də əl’an əvət, enib gedərim, Başqa bir kainatə əzm edərim. Şeyx Sən’an (Xumarı qolları arasına alaraq) Enməyiz, enməyiz, xayır, yalınız Ərşi-ə’layə yüksəlib uçarız. Uçarız həqqə doğru bərqasa, Netəkim uçdu həzrəti-Isa. Papas (hiddətlə, gürcülərə) Nə durub bəkliyorsunuz əcəba? Daha baqmaqda yoq səmər əsla. -Gürcülərdən bir qısmı hücum etmək istər, bu sırada Şeyx Hadi yanındakılarla bərabər qoşub gəlirlər*. Özdəmir (hücuma hazırlaşan gürcülərə) Dur, dur, əl saqla!.. Oğuz Dur! Şeyx Hadi Nə var? Papas Sən’an Qızı tərk etmiyor... Şeyx Hadi (heyrətlə) Tuhaf vicdan!.. Şeyx Sən’an Xumarə talibdir, Xumar ondan ziyadə rağibdir. (Şeyx Sən’ana doğru yaqlaşaraq) Şeyx Sən’an Yaqlaşma, dur... Çəkil, asi! (Parmağilə xəyali bir dairə yaparaq) Çünki Beytülhəram demək burası, Daxil olmaq yasaqdır əğyarə. Sən ki, məhrəm deyilsin əsrarə! Şeyx Mərvan (bir adım iləriləyərək) Şeyx! Şeyx Sən’an Dəf ol, çəkil... Səfil, abdal! Papas Allah, Allah! Nədir bu müdhiş hal?! Şeyx Sən’an (Xumarə) Söylə, əmrin nədir? Xumar Xilas olmaq! Şeyx Sən’an (arqadakı nəhri göstərərək) Uçurumdur pənahgah ancaq. P l a t o n (təlaş və həyəcan ilə) Aman, Allah, bıraqmayın... Xumar (Şeyx Sən’ana) Qaçalım... Şeyx Sən’an (nəhrə doğru baqaraq) Uçalım, haqqa doğru, gəl uçalım! P l a t o n Ah, Xumar! Xumar Əlvida!.. Şeyx Sən’an Ya Allah!.. Hər ikisi əl-ələ verib nəhrə atılarlar. Gürcülər Getdilər... Ş e y x l ə r v ə m ü r i d l ə r Uçdular... P l a t o n Aman, eyva-h!.. (deyə biixtiyar nəhrə atılmaq istər. Oğuz mane olur.) Papas (hiddətlə) Platon! P l a t o n Ah! Getdi, getdi... Papas (soğuqqanlı) Bıraq! P l a t o n (çılğın bir halda) İştə sənsin səbəb... Rəzil alçaq! (Xəncərlə papasa hücum edər, gürcülər mane olur) Şeyx Hadi (nəhrə tərəf baqaraq) Gedəlim, bəlkə var ümidi-nicat... Ş e y x l ə r v ə m ü r i d l ə r Gedəlim... Gürcülər Haydı, durmayın!.. P l a t o n (məyus) Heyhat!.. Pərdə * * * İlavə -Aydın bir mayıs gecəsi... Kürdən azacıq kənarda çiçəkli yeşil bir dağ kəməri... Şeyx Sən’an Xumarı qolları arasında tutmuş olduğu halda pək güc nəfəs alaraq, yorğun adımlarla dağın təpəsinə çıqmaq istər, fəqət yürüməyə taqəti qalmadığından, Xumarın duyğusuz, hərəkətsiz vücudunu yerə bıraqır və başını dizi üstünə alaraq, dağınıq saçlarını oqşamağa başlar.* Şeyx Sən’an Ruhum, ey qönçeyi-bahar Xumar! Nazənin dilbərim Xumar, Xumar! Sən niçin böylə duyğusuz qaldın? Nə çətin yerdə uyquya daldın? (Böyük bir heyrət və məczubiyyətlə) Nə qadar şairanə, solğun nur! Aman, Allah, nasıl da xoş uyuyur. (alnından öpərək) Bu ilahi sükutə qarşı, Xumar! Həp mələklər olur pərəstişkar. Xaliqi-hüsnü eşq, xaliqi-hiss, Səni, hiç şübhə yoq, edər təqdis. (saçlarını oqşayaraq) Uyu, ey gülnihali-qüdsiyyət! Uyu, nazəndə heykəli-iffət! Uyu, ey yari-məhcəbinim, uyu! Uyu, ey tifli-nazəninim, uyu!.. Şeyx Hadi (sür’ətli adımlarla gələrək) Şeyx, ya şeyx! Qalq, aman, gedəlim. Şeyx Sən’an (məcnunanə) Nə diyorsun, nə?.. Söylə kimsin, kim? Şeyx Hadi Səni itlaf için qoşar cühəla; Gedəlim, başqa çarə yoq əsla. Şeyx Sən’an Ah! Sərxoşmusun, nasıl gedəlim!? Uyuyor İştə qayeyi-əməlim. -Şeyx Hadi daha yaqlaşaraq Xumarın nəbzinə baqmaq istər, Şeyx Sən’an ona sərt bir sillə eşq edərək, hiddətlə.* Xain, alçaq! Təcavüz etmə, saqın! Bir düşün sən nə yapdın, ah, azğın! Şeyx Hadi Şeyx, bihudə etdiyin israr, Çünki pək çoq uzaqda şimdi Xumar. Sana biganədir o tifli-əməl, Onu səndən, əvət, ayırmış əcəl. Şeyx Sən’an (çılğın) Nə diyorsun, nə! Hiç ölürmü mələk? Şeyx Hadi Möhtərəm şeyx, bir düşün... Şeyx Sən’an (pək hiddətli) Nə demək!? Varmı bir məqsədin, səfil insan! Bu sırada Şeyx Mərvan gələrək yaqlaşmaq istər. Şeyx Hadi (Şeyx Mərvanə) Gəlmə!.. Şeyx Sən’an Yaqlaşma, a-h, kor şeytan! (hər ikisinə) Bizi məhv eyləməkmi məqsədiniz? Gediniz, haydı, dəf’ olub gediniz!.. -Hər ikisi çəkilib bir tərəfdə durur. Şeyx Mərvan müğbər və hiddətli, Şeyx Hadi isə mütəəssif və mərhəmətli baqışlarla Şeyx Sən’anın halını seyrə dalar.* Oyan artıq, Xumar, oyan, gedəlim, Şu müləvvəs mühiti tərk edəlim. Hər tərəfdən hücum edər əğyar, Qalq, oyan, nazənin Xuma-r, Xumar! (Xumarın əllərini alıb öpər, lakin bıraqdıqda bihiss olaraq düşüverdiyini görüncə halı dəyişir, təkrar yüz-gözünü, saçlarını öpüb oqşayaraq, şaşqın və sarsılmış bir halda) Bizə düşmandır İştə həp aləm, Xumar, insaf et, of! Qılma sitəm. -(Bir qadar çılğın və sərsəmcə baqmaqda dəvam edər, sonra şiddətli, fəqət qorqunc bir qəhqəhə ilə)* Yeni gülmək dilərdi taleyi-dun, Ah, vəfasız mələk, niçin susdun? Bəni atmaqmı istiyorsun? A-h! Bana sənsin fəqət yeganə pənah. (təkrar zəhrxənd ilə) Bu sükutunda başqa mə’na var, Yenə küsdünmü? Söylə, söylə, Xumar! Nazəninim! Düşün, deyilmi günah, Atsa həmrahı yolda bir həmrah? (təbdili-tevr ilə) Qaçamazsın, xayır, xayır... hər an Səni izlər şu dərbədər Sən’an. (Azacıq məcnunanə baqışlarla Xumarı süzdükdən sonra bütün-bütünə sarsılaraq yaralı bir ahənglə) Qalq, oyan, dilbərim, aman, gedəlim, Xumar, insaf et! Ah, oyan gedəlim! (Xumarı qaldırmaq istər, fəqət büsbütün ruhsuz bir cəsəd olduğunu görüncə mə’yus və çılğın bir halda göyə doğru) Mərhəmət yoqmu? Ey böyük Yaradan! A-h ədalət!? (Xumarə) Xumar, ey afəti-can! (Yaralı və dərin ahlar çəkərək gah göyə, gah Xumara baqar. Sonra məcnunanə bir tevr ilə sırıtaraq həm gülmək, həm də ağlamaq istər, lakin hiç birinə müvəffəq olamaz. Gözləri dışarı fırlamış olduğu halda, Şeyx Hadi ilə Şeyx Mərvana hücum etmək istər. Birdən-birə dönüb Xumara baqar, təkrar sırıtaraq fələkzədə bir sərxoş kibi yarım səslə – “A-h!” deyə düşüverir.) Şeyx Hadi Getdi, Sən’an da söndü, getdi... əvət, Söndü, məhv oldu şö’leyi-hikmət. Şeyx Mərvan (yapma bir təlaş ilə qoşaraq) Baqalım, bəlkə var ümidi-nicat... Şeyx Hadi Hiç təlaş etmə, çarə yoq, heyhat!.. Onu yalnız bıraqmamışdı Xumar. O, Xumarsız nasıl cihanda yaşar? Bəllidir, ay günəşdən ayrılmaz, Günəş olmazsa, ay ışıq salmaz. Ş e y x l ə r v ə m ü r i d l ə r (qoşub gələrək ahəngi-məxsus ilə) Nə müdhiş səadət! Nə dilbər fəlakət! Oyan, qalq! Oyan, ey əsiri-məhəbbət! Oyan, şeyx! Oyan, şeyxi-sahibkəramət! Deyil şimdi əsla dəmi-istirahət. Oyan, şeyx, oyan, şeyx, oyan, Şeyx Sən’an! Ayıl xabi-rahətdən, ey piri-irfan! Gürcülər (gələrək ahəngi-məxsus ilə şeyxlərə) Nə oldu? Söyləyin, nə var? Nədir bu hali-pürfəğan? Bu levhə nuri-qəm saçar, Nədir bu xabi-naz, aman? (Xumarə) Oyan, ərusi-nevbahar! Ayıl, ey afəti-cihan! Oyan, Xumar, oyan, Xumar! Oyan, oyan, Xumar, oyan!.. Ş e y x l ə r v ə m ü r i d l ə r Qavuşdun, böyük şeyx! O dilbər Xumarə, Fələk vermədi fürsət amma... nə çarə. Bahari-ümidin dönüb son baharə, Nihayət vida etdin əğyarə, yarə... Oyan, şeyx, oyan, şeyx, oyan, Şeyx Sən’an! Ayıl xabi-rahətdən, ey piri-irfan! Gürcülər Xumar, oyan, gözəl mələk! Nə tez dəyişdi halətin! Pozuldu sanki bir çiçək, Təravətin, lətafətin. Visalə irmədin, demək Gönüldə qaldı həsrətin... Oyan, Xumar, oyan, Xumar! Oyan, oyan, Xumar, oyan! Dərviş (Dağın təpəsindən enərək, istehzalı qəhqəhələrlə) Əcəba nerdə şeyx? Nerdə Xumar? Allah, Allah, nə cahil insanlar? Nə için anlamam şu ahü fəğan? (cənazələrə işarətlə) Bunların fərqi varmı topraqdan? Müridlər (Dərvişə) Səndə bir söz var, aç, bəyan eylə. Gürcülər Nə demək istiyorsun? Aç söylə!.. -Ümum, böyük bir məraq ilə cənazələrin ətrafını sararlar*. Dərviş (ümumə) Pək tuhaf, bən nə söyləyim!.. Həpiniz Adəta canlı bir cənazəsiniz. Şeyx Sən’an Xumarı izləyərək, Rəqs edər göydə şimdi, sanki mələk. Sizdə yalnız gurultu, dəhşət çoq; Fəhmü idrak yoq, bəsirət yoq. Hər kimin kor deyilsə vicdanı, Görür əl’an Xumarı, Sən’anı. -Bu sözlərdən hər kəsə böyük bir şaşqınlıq gəlir. Dərviş sağ əli ilə üfüqlərə işarətlə*. Baqınız, ərşə yüksəlir onlar, Baqınız İştə Şeyx! İştə Xumar! -Hər kəs diqqətlə baqmağa başlar. Şeyx Hadi ilə Şeyx Sədra dalğın, Dərviş isə məğrur və laübali bir vəziyyət alır.* Şeyx Mərvan Həp yalan, saçma... Həpsi mevhumat... Şeyx Nəim Həm də əhməqcə bir yalan... Dərviş Heyhat! Hər kimin korsa qəlbi, vicdanı, Edəməz dərk o, nuri-yəzdanı. -Bu sırada səhnənin işığı çəkilir, ta ucda ikinci pərdə qalqar. Xumar ilə Şeyx Sən’anın qolqola olaraq bulutlar içində uçuşduqları görülür.* Dərviş (təkrar göstərir) Baqınız İştə!.. Gürcülər (təsdiq ilə) A-h, əvət, onlar... Müridlər Uçuyor iştə şeyx! Gürcülər İştə Xumar! Dərviş Uçuyorlar fəzadə sanki mələk. Ümum Uçuyorlar, əvət gülümsüyərək... Dərviş Allah, Allah! Nasıl də cazibədar? Axışır sanki göydə yıldızlar, İştə qeyb olmaq istiyorlar... Ümum A-h!.. Bu sırada papas gəlir, şaşırmış bir halda baqıb durur. Müridlər Ah! Qeyb oldular, əvət... Gürcülər Eyva-h!.. Dərviş Aldı ağuşə qaliba mələkut, İştə qeyb oldular, sükut, sükut! Ucdakı pərdə haman qapanır, səhnə təkrar aydınlaşır. Papas (iləriləyərək qalın və çılğın bir səslə, ahəngi-məxsus ilə, ümumə) Ey görgüsüz biçarələr! Aldanmayın hər kahinə. Ey duyğusuz avarələr! Aldanmayın hər xainə. Aldanmayın, aldanmayın! Əfsunçudur, divanədir. Aldanmayın, aldanmayın! Həp sözləri əfsanədir. Ümum (papasa) Sən bixəbərsin şübhəsiz, Qəlbində yüz bin şübhə var. Gördük fəqət biz cümləmiz, Yüksəldilər, qeyb oldular. Təqdisə layiqdir, inan, Həm Şeyx Sən’an, həm Xumar. Əfsus, edib əzmi-cinan, Qeyb oldular, qeyb oldular! Papas (hiddətli) Gümrah olan insan için Cənnətdə yoq əsla məkan, Aldanmayın, aldanmayın! Uçmaq yalan, qaçmaq yalan... Aldanmayın, divanələr! Mümkün deyil, uçmaz bəşər. Onlar nasıl bibalü pər, Göylərdə yüksəlmək dilər?.. Ümum (uzaq üfüqlərə işarətlə) Yüksəldilər Isa kibi, Işgəncədən qurtuldular. Ruhaşina rö’ya kibi, Qeyb oldular, qeyb oldular! Yüksəldilər, yüksəldilər, Cənnətdə rahət buldular Yüksəldilər, yüksəldilər, Qeyb oldular, qeyb oldular. SON * * * Kitabxana.az · https://kitabxana.az/collections/cavid-seyx-senan İctimai mülkiyyət (müəllifin vəfat ili: 1941). Public domain (author died 1941). Original text only.