Topal Teymur Hüseyn Cavid (1882–1941) Topal Teymur ƏŞXAS I T o p a l T e y m u r... D i l ş a d – Teymurun hərəmi. D i v a n b ə y i – baş vəzir. A q b u ğ a – Teymurun sərdarlarından. O r x a n – binbaşı. E l m a s – Divan bəyi qızı, Orxanın rəfiqəsi. Əsmər bənizli, şahin baqışlı... Ş a i r K i r m a n i – “Teymurnamə” müəllifi. O l q a – rus prenseslərindən sarışın və işvəkar bir qız. S o b u t a y – gənc zabit. Q a r a q u ş – təşrifatçı, çevik bir dəliqanlı. D ə m i r q a y a – qalın gevdəli, qalın səsli bir əskər. İki mühib simalı, qalın yapılı nevbətçi və sairə... II Y ı l d ı r ı m B a y a z i d. M e l i ç a – Yıldırımın hərəmi. Ə l i p a ş a – sədri-ə’zəm. Ş e y x B u x a r i – fazil bir zat. C ü c ə – qısa boylu, küçük yapılı bir masqara. N a z i m a ğ a – arıq, ucaboylu, qara ərəb (hərəm ağası). Köylü qadın, iki masqara, şamlı qızı (rəqqasə), digər rəqqasələr, cəllad və sairə... * * * Birinci pərdə Səmərqənddə, Əmir Teymur sarayında Şərq zevqinə uyğun süslü bir salon... Salonun içi Türküstan, Iran və Hindistan məfruşatilə döşənilmiş... Dört guşədə gümüşdən yapılmış birər qartal, ortada altın sütunlar, yaldızlı masalar və sandaliyələr... Qarşıda böyük bir pəncərə, pəncərədən görünən son dərəcə baqımlı və çiçəkli gözəl bir bağça nəzərləri oqşar. O l q a pəncərə önündə ətrafı seyrə dalmış görünür. Dışarıda əskəri marş çalınır. Or x a n (Gəlir. Olqayı görür-görməz arqası sıra gələn D ə m i r q a y aya). İştə prenses Olqa!.. Iştə yeni açmış Moskof çiçəyi!.. D ə m i r q a y a (daima laübali və qalın səslə). Tuhaf şey? Hiç insandan çiçəkmi olur? Moskof qızı desənə... Or x a n . Ah, o çiçəkdən də lətifdir. D ə m i r q a y a. Tutalım ki, lətifdir. Nəmə lazım, bən qarışmam. Or x a n . D ə m i r q a y a! Sən bir tərəfə çəkil. D ə m i r q a y a. Niçin? Or x a n . Çünki onunla qonuşmaq istərim. D ə m i r q a y a. Pəki, bən sənin kölgən deyilmiyim? Səndən nasıl ayrıla bilirim? Or x a n . İnsan bə’zi vaxt kölgəsini deyil, kəndisini belə unutur. D ə m i r q a y a (istehzalı gülümsəyişlə). Yoqsa şimdi kəndini unutdunmu? Or x a n . Haydı, çoq söylənmə, çəkil. D ə m i r q a y a. Çəkil dersin, çəkilirim. Nəmə lazım, hiç qarışmam. (Çəkilir). Or x a n . Yenə gözəl Olqa nə düşünüyor? O l q a. (Orxana doğru gəlir). Ah, Orxan sənmisin? Or x a n . Əvət, Orxan kəndisi səninlə bərabər deyilsə də, daima qəlbi, ruhu səninlədir. O l q a. Allah eşqinə şu əskərlər nerəyə gediyor? Bu hazırlıq niçindir əcəba? Or x a n . Yeni bir müharibə varmış. O l q a. Ah, müharibə, daima müharibə!.. Əcəba nerəyə, kiminlə? Or x a n . Onu yalnız Qızıl Qaplan bilir. Əvət’ Əmir Teymurun planını bizim kibi küçük yaradılmışlar biləməzlər. O l q a. Halbuki onun yüzündə hiç bir şiddət və həyəcan izi yoq... Hər zamanki vəqar və ciddiyyəti, hər zamankı halı üstündə. Or x a n . Böyük qəhrəmanlar şiddət və qəzəb zamanlarında daha mülayim və həlim görünürlər. O l q a. Orxan! Sən dəmi gedəcəksin? Or x a n . Əlbəttə, hiç onsuz olurmu? Biz türklər çadır altında doğar, açıq səhralarda, qanlı müharibələrdə ölürüz. O l q a. Rica edərim, yetişir, şu müharibədən, ölümdən çoq söyləmə! Or x a n . Müharibədə ölənlər evdə ölənlərdən sayca daha azdır. Bəncə mübarizəsiz bir ömür, ömür deyil... Biz türklərə qürur və nəş’ə verən bir şey varsa o da müharibə, o da qalibiyyətdir. Unutma ki, sən kəndin də fəth və zəfər səhralarında bulunmuş bir çiçəksin. O l q a. Ah, sən bəni Moskofdan buraya niçin gətirdin niçin?! Teymur sarayında həbs etmək içinmi? Or x a n . Xayır, sən burada məhbus deyilsin, bəlkə şahzadə xanımlar qadar hörmət və izzətə maliksin. Daha doğrusu böyük xaqanın möhtəşəm sarayını bəzəyən ən parlaq bir yıldızsın. O l q a. (ətrafa). Ah, mərhəmətsiz... (Orxana) Demək bəni yalnız bıraqıb da gedəcəksin, öyləmi? Or x a n . Nə olur? Başqa qadınlar nasıl, sən də öylə... O l q a. (ətrafa). Ah, duyğusuz!.. Dur, bən sana şimdi anlatırım. Or x a n . Pək düşünüyorsun, Olqa. Sana bir şeymi oldu? O l q a. Daha nə olacaq? Sən bəni düşünmüyorsun, sən bəni sevmiyorsun. Or x a n . Xayır! Aldanıyorsun. Səni sevməmək, gözəlliyə qarşı kor olmaq deməkdir. Ah, nazlı gövərçinim! Nə qadar xırçın və sinirli imişsin. Gəl! Gəl də şu mavi göyləri andıran cazibəli gözləri, şu al şəfəqləri utandıran füsunkar dodaqları öpəyim. (Qolları arasına alıb öpmək istər. Olqa geri çəkilir). O l q a. Xayır, istəməm. Or x a n . Niçin? O l q a. Çünki gönül verdiyim bir qəlbə xəyanət etmiş olurum. Orxan (heyrətlə). Gönül verdiyin bir qəlbəmi? O l q a. (kəskin). Əvət. Orxan (onun əlini yaqalar, sarsılmış bir halda). Söylə, o nasıl qəlb, o kimin qəlbi imiş? O l q a. Xayır, söyləməm. (Ətrafa.) Iştə bu söz onu qısqandırmaq için kafi... Orxan (qızğın). Söylə diyorum sana, o kim, bana qarşı çıqan o cəsarətli rəqib kimdir? O l q a. Səndən daha böyük, səndən daha qəhrəman... Or x a n . Adını söylə! O l q a. Xaqanlar xaqanı Topal Teymur... Orxan (həyəcanlı və qızğın). Olqa, Olqa!.. Moskofdakı halını nə çabuq unutdun? Düşün ki, biz Moskofa girdiyimiz zaman hər tərəf kinli, amansız bir atəş içində yanıyordu. Ordumuz qaçanları izlərkən bən kanatlarımı yalnız sənin üzərinə gərdim, yalnız səni ölümdən qurtardım, əvət. Sən o zaman mə’sum bir qızcığazdın. Vəqtini xoş keçirib də eyi tərbiyə alman için Teymur sarayına gətirdim. İştə sən böyüdükcə bənim arzularım da çiçəklənməyə başladı. Əfsus ki, bu gün bəslədiyim visal ümidləri yerinə, qarşıma acı bir ümidsizlik çıqıyor. O l q a. O da səndən, sənin vəfasızlığından. Or x a n . Nasıl vəfasızlıq? Anlayamadım. O l q a. Orxan, Orxan! Sən baş vəzirin qızı Elmasa uyduqca, o qısqanc və məğrur hərəmindən ayrılmadıqca, aramızdakı sevgidən bəhs etmək yersizdir. Or x a n . Niçin insaf etmiyorsun, o şimdi anadır. Bununla bərabər Elmas bizim sevgimizə əsla mane olamaz. O l q a. (gülərək). Xayır, yanılma, əzizim. O pək dəhşətli qadın... Or x a n . Qadınların incə təbəssümləri, dəhşətlərindən daha güclüdür. (Olqanın əlini yaqalar.) Şimdi bən ona mərhəmət ediyorum, fəzlə qısqanclıq edərsə kəndisi zərər görür. O l q a. Demək bəni daha çoq seviyorsun, öyləmi? Or x a n . Olqa, səni sevməməkmi olur? Unutma ki, Orxan sənin əsirindir. Q a r a q u ş (D ə m i r q a y a ilə bərabər pərdə arasında görünür). Ah, xain!.. (Dəmirqayaya). İştə gördünmü, get də Elmas xanıma xəbər ver. D ə m i r q a y a. Gəl bəri, canım, nəmə lazım, bən qarışmam. Çəkilirlər. Or x a n . Teymur son səfərində, Hindistana hücum edərkən Səmərqənd inzibatını gözətmək için bəni burada bıraqdı. Ehtimal ki, yenə qalırım, o zaman istədiyimiz kibi zevq və səfaya baqarız. O l q a. (ətrafa baqar). Iştə Topal gəliyor. Yarın aqşam səni çinarlı bağçada havuz kənarında bəklərim. Or x a n . Yaxşı... (Gedir). O l q a. (yalnız). Xeyr, Orxan bənimdir. Onu kimsəyə verməm. (Azacıq tərəddüd). Ah, fəqət Elmas, baş vəzirin qızı Elmas!.. O bəni pək düşündürüyor. Əli alnında məhzun bir tevr ilə düşüncəyə dalar. Bu sırada Ə m i r T e y m u r gəlir. O, ortaboylu, qəvi bünyəli, yüksək alınlı, iri başlı, rəngi ağ, yüzü azacıq qanlı, omuzları geniş, parmaqları yuvarlaq, qalçaları uzun, əzəlatı qayət sağlam bir şəxsiyyətdir. Vücudunun düzgünlüyündən ayağındakı aqsaqlıq bir o qadar gözə çarpmıyor. Səsi güclü və gurultuludur. Asya üsulu geniş və açıq ətəkli ipək kaftan (çapan) büründüyü halda baş örtüsü keçədən yapılma məxruti bir külahdan ibarətdir. Külahın təpəsində inci və sair mücevhərat ilə süslənmiş uzunca bir yaqut püskül bulunur. T e y m u r. Yenə Moskof ərməğanı, gözəl rus qızı nə düşünüyor? O l q a. (məhzun təbəssümlə). Böylə möhtəşəm bir sarayda bənim nə düşüncəm ola bilir? T e y m u r. O halda yüzünü saran şu kədər bulutları nə demək? Bən solğun çiçəkləri hiç sevməm. Daima yeni açmış güllər kibi, daima gül bənizli şəfəqlər kibi nəş’əli olmanı istərim. Əvət, söyləyəcəyin sözləri hər zamankı şətarətilə gülərək, nazlanaraq söylə!.. O l q a. Bənim şətarətim böyük xaqanın qəzəbinə səbəb olur deyə əndişə ediyorum. T e y m u r. Pəki, əndişə niçin? O l q a. Çünki qəlbi hərb atəşilə alevlənən bir hökmdara qarşı gülümsünmək cəsarəti həddim deyil... T e y m u r. İştə pək yanlış düşüncə... Müharibə hazırlığı Teymuru qəzəbləndirməz, bil’əkis bayram tədariki qadar xoşhal və məmnun edər. O l q a. (şux və cazibəli bir əda ilə). Lütf ediniz əfəndim, iki aydır ki, Səmərqənd şən və şatır bir hal keçiriyor. Zərəfşan çayının oynaq dalğaları gönüllərə nəş’ə sərpiyor və xoşahəng ninnilərilə Bingül dərəsi şənliyini alqışlıyor. Fəqət nədənsə birdən-birə bu şənliklər kəsildi. İştə onunçin azcıq məraq etdim. T e y m u r. Nasıl, Bingül dərəsi pək xoşmu? O l q a. Ah, Bingül dərəsi başqa bir aləm... Adəta rö’ya qadar gözəl, cənnət qadar parlaqdır. Əvət, Bingül dərəsindəki zevq və səfa məclisləri, yeşil ovalar içində qurulmuş çadırlar, Ərəbistan və İrana məxsus sırapərdələr görülür şeylərdən deyil... Hələ Hindistandan gəlmə canbaz və oyunçular, mizahçı və lətifəçilər, rəqqas və rəqqasələr... Bir taqım cirit oyunları. Pəhləvanların güləşməsi, yeşil-qırmızı rənglərlə boyanmış fillərin oynadılması, hər dürlü xanəndə və sazəndə, hər çeşit yarış və əyləncə gerçəkdən insanı sərxoş ediyor. Hələ bu şənliyə əmir və şahzadələrin hərəmləri və bütün türk-tatar qızlarının iştirakı, hər tərəfdən gələn əcnəbi səfirlərin belə nəzərini cəlb ediyor. Və hər kəs böyük Teymurun dəbdəbə və ehtişamını seyr etdikcə heyrətdən kəndini alamıyor. T e y m u r. İştə məftunu olduğun şu mənzərələr, Səmərqənddəki möhtəşəm saraylar və ali mədrəsələr, böyük məbədlər və abidələr həp qalibiyyət əsərləri, həp fəth və zəfər tarixidir. (Təbdili-tevr ilə.) Bana baq, Olqa! Sən səyahətdən zevq alırmısın? O l q a. Şübhəsiz, səyahət insanın gönlünü açan şeylərdən biridir. T e y m u r. O halda səni kəndimlə bərabər götürəcəyim. O l q a. Nerəyə, müharibə meydanınamı? T e y m u r. Öylə ya! Görüləcək mənzərələrin ən gözəli hərb və qalibiyyət səhnələridir. O l q a. Əvət, Orxan da öylə söylüyor. T e y m u r. (mə’nalı təbəssümlə). Ya!? Orxan pək gözəl düşünüyor. Demək bənimlə bərabər gedərsin, deyilmi? O l q a. Böyük xaqanın arzusuna itaət və hörmət ən böyük səadətdir. T e y m u r. Səndəki idrak və zəkadan pək məmnun oldum. Hərəmxanəyə get, şimdi hökumət adamları buraya gələcək. Olqa tə’zim edib çıqar. T e y m u r. (əl çalar. Qaraquş gəlir). Qaraquş! Orxan nerdə? Q a r a q u ş. Dəmin buradaydı, Olqa ilə görüşüyordu. T e y m u r. Onu buraya çağır. Bir də Divan bəyi yaxud Aqbuğa gəlirsə xəbər ver... (Gedər.) Q a r a q u ş (tə’zim ilə). Baş üstünə... (Çəkilmək istərkən ətrafa baqar.) İştə Elmas gəliyor, şimdicə qəlbinə bir qıvılcım atarım. (Gələn Elmasa.) Əfv edərsiniz, Orxan nerdə? E l m a s. Bən də sana sormaq istərim, dəmin burada imiş... Q a r a q u ş. Əvət, Olqa ilə bərabər idi, fəqət getdi. Dilşad gəlir, duymazlar. E l m a s. Nə qonuşuyorlardı? Q a r a q u ş (azcıq sırıtaraq). Mə’lum a, eşq aləminə əğyarın qarışması eyi bir şey deyil... E l m a s. Nasıl eşq, nasıl eşq!? (Ətrafa.) Ah, çıldıracayım... Q a r a q u ş. Hər halda Orxan sizin ərinizdir. Onu siz bəndən daha eyi tanırsınız. Lakin bən yenə onda qüsur görmüyorum. Bütün qəbahətlər qızda... Çünki Orxana dəli kibi sarılıyor. E l m a s (ətrafa). Ah, xain Orxan, dur, bən sana göstəririm. Q a r a q u ş. O öylə bir bəla ki, beş gün sonra Əmiri də məftun edər. D i l ş a d . Nasıl? Əmiri də mi? Q a r a q u ş (şaşqın bir halda kəkələr). Xayır, xanım! Əmir... D i l ş a d (həyəcanlı və qızğın). Qaraquş! Q a r a q u ş. Əfv edərsiniz... D i l ş a d . Düşün ki, bana Qəmərəddin qızı Dilşad derlər. (Ətrafa.) Ah, sayğısız Olqa!.. Q a r a q u ş. İştə Əmir gəliyor, bən Orxanı çağırmalıyım. D i l ş a d . Get! (Gedər.) Elmas! Sən şimdi Əmirə bir söz söyləmə. T e y m u r. (gəlir, əyilirlər). Dilşadı pək həyəcanlı görüyorum. D i l ş a d . Xayır, həyəcana bir səbəb yoq... T e y m u r. Gözlərin daha başqa mə’nalar anlatıyor. D i l ş a d . Ətraf qəzalardan ixtiyar bir köylü gəlmiş, bana şikayət ediyordu. Pək sıqıldım da halım bir az dəyişdi. T e y m u r. Əcəba köylünün şikayəti nə imiş? D i l ş a d . Bu yılkı buğday məhsulu az olmuş, hökumətə vergi verəməmiş, onunçin qəza hakimi Mamay xan zavallını qırbacla döydürmüş. T e y m u r. (heyrət və şiddətlə). Nasıl, nasıl!? İxtiyar köylüyü qırbacla döydürmüş ha!.. Ah, qudurğan, şaşqın!.. O düşünmüyor ki, əhaliyi incidən bir hakim yavrusunu parçalayan bir heyvan qadar şüursuzdur. Zərər yoq, yarın məsələ aydınlaşır, bu söz doğru çıqarsa, sayğısız hərifə ən şiddətli cəza verilir. (Kəskin) Əvət, qırbacı qadar nüfuz və idarəsi olmayan bir hakim, hökumət namına ən çirkin və silinməz bir ləkədir. D i l ş a d . Köylünün dediyinə görə əkdiyi yer təcrübədən çıqmamış bir səhra imiş, onunçin də eyicə məhsul alamamış. T e y m u r. Zavallı Mamay xan, zavallı!.. Bən yarın onun kor gözlərini açarım. Görünüyor ki, o məmləkət qanunlarını unutuyor. D i l ş a d . Halbuki qanunca bir adam məhsulsuz bir səhrayı şənlətirsə, ya bir kəhriz çıqarırsa, yaxud yeni bir bağça salıb bir viranəyi abad edərsə, o şəxs birinci yıl büsbütün vergidən azad olur. İkinci yıl kəndi istəyilə bir şey verirsə verir, verməzsə məcbur deyil. Üçüncü yıl, yalnız üçüncü yıl qanuna müvafiq vergi verməlidir. T e y m u r. Xayır, Mamay xan aldanıyor. O düşünəmiyor ki, rəncbərlər sıqıldıqca devlət xəzinəsi boşalır, xəzinə boşalınca ordunun halı pozulur. Və şu pozuqluq da məmləkətin pərişanlığına səbəb olur. Hiç məraq etmə! Yarın, əvət yarın haq yerini bulur. D i l ş a d . Əskik olmayın... (Elmasa.) Gedəlim. (Getmək istərlər.) T e y m u r. Bana baq, Dilşad! Daha dur, sözüm bitmədi. Səni pək sarsılmış və həyəcanlı görüyorum. Unutma ki, sən Teymur hərəmisin. Söylə, açıq söylə, yüz-gözünü saran şu fırtınalı bulutlar nədən iləri gəliyor? D i l ş a d . Ah, şu aşiftə qız... Olqa!.. T e y m u r. Nə var, nə olmuş? D i l ş a d . Zavallı Elmasa göz veriyor da, ışıq vermiyor. Hər gün yeni bir sevgi, hər gün yeni bir təranə. Bilməm ki, Orxandan nə istiyor? E l m a s. Hətta, əvət hətta!.. (Sözünü bitirəməz.) D i l ş a d . Ah, hər halda Olqa buradan dəf’ edilməli... T e y m u r. Hiç sıqılma, Elmas, səni üzən düşüncələr pək çapuq gedər. Sən Divan bəyi qızı və Orxan hərəmisin. Bən onların hər ikisini sevərim. Hələ səndəki vəqar, səndəki vəqar və əzəmət! E l m a s (xəfif baş əyintisilə). Təşəkkür edərim. Q a r a q u ş (gəlir, əyilir). Orxan əmri-hümayuna müntəzirdir. T e y m u r. Gəlsin. (Qadınlara). Siz çəkilin. (Gedərlər. Orxan gəlir, əyilir.) Orxan! Yaqın gəl... (Əlini onun omuzuna qoyar). Sən həm qəhrəman bir cəngavərsin, həm də siyasəti pək gözəl bilirsin. Səni bir işə təyin etdim, yarın yola çıqmalısın. Or x a n . İtaət borcumdur. T e y m u r. Osmanlı sultanı Yıldırım Bayazidə elçi göndərdik, hənuz ondan bir xəbər yoq. Hər halda bizim Bursada, Yıldırım paytaxtında bir gözçümüz bulunmalı; sarayın iç və dış yüzünü öyrənib hər ay bizə xəbər verməli. Divan bəyi lazım gələn vəzifəyi sana söylər. Ordumuz bir həftə sonra Mısır-Şam tərəflərinə hərəkət eyləyəcək. Sən də doğru, Bursaya gedərsin. Orada kəndini bana düşman göstərirsin, Yıldırıma məhəbbət bəslədiyin için buradan qovulduğunu söylərsin. Hətta bizimkilər də öylə bilməli... Çünki şəhrimizdə casus bulunur da tədbirimiz boşa çıqar. Or x a n . Yıldırım sözlərimə inanmazsa? T e y m u r. Hiç məraq etmə, inanır; çünki o çoq məğrurdur. Məğrurlar isə həqiqəti görəməzlər. Diyorlar, o, gözdən pək zəifdir, məgərsə qəlbi və düşüncəsi də kor imiş... (Kəskin.) Əsla düşünmə, get, yarın için hazırlan, Dəmirqaya da səninlə bərabər bulunsun. Or x a n . Lakin o, pək sadə adam... İşlərimə əngəl olur deyə ehtiyat ediyorum. T e y m u r. Ehtiyat lazım deyil. O, təcrübədən çıqmış sadiq bir əskərdir. Haydı, oğlum! Vəzifə və ciddiyyət! Or x a n . Böyük xaqanın əmri hər şeydən yüksəkdir. (Əyilir, çıqar.) Q a r a q u ş (gəlir, əyilir). Divan bəyi, şair Kirmani, sərdar Aqbuğa hüzura izn istiyorlar. T e y m u r. Buyursunlar. (Qaraquş gəldiyi tərəfə ehtiramkar bir işarət edər. Hər üçü gəlir, əyilirlər. Teymur nəvazişkar bir tevr ilə.) Divan bəyinin əhvalı? D i v a n b ə y i. Təşəkkür edərim. T e y m u r. Şair Kirmani nasıl? Ş a i r. Əskik olmayın. T e y m u r. Ordumuzun qəhrəman sərdarı Aqbuğa nə halda? A q b u ğ a. Aqbuğa hər an yılmaz ordu ilə bərabər sarsılmaz xaqanın əmrini bəklər. T e y m u r. Pək gözəl, oturun. (Otururlar). Aylarca Bingül dərəsində böyük şənliklər yapdıq, epeycə zevq və səfayə daldıq, bir qadar da müharibə şənliyi yapsaq eyi olmazmı? A q b u ğ a. Bəncə müharibə meydanı dügün dərnəklərindən, eyşü-nuş məclislərindən daha xoş, daha ruhaşinadır. T e y m u r. Buna sən nə dersin, şair? Bu gün gözümə pək nəş’əli görünüyorsun. Ş a i r. (laübali və yarımsərxoş bir qəhqəhəylə). Şənlik... o da şənlik, bu da şənlik... Qavğa... o da qavğa, bu da qavğa... Yalnız, əvət yalnız arada bir fərq var ki, siz cəngavərlər insan qanına hərissiniz, biz şairlər gülgün şərabə... Onda vəhşət və dəhşət var, bunda zevq və şətarət. Sizin hərb nə’rələriniz yürəkləri qoparır, insanları parçalatır, anaları ağlatır. Şairlərin eyş-nuş təranələri isə kinləri, kədərləri öldürür. Yüzləri, gönülləri güldürür. Siz insan qafalarını qırarkən, biz də o qafalardan yapılma qədəhləri bir-birinə vururuz. Siz hərb və dəhşət qalibi, biz eşq və məhəbbət məğlubu. Fəqət bizim şu məğlubiyyətimiz o qalibiyyətdən daha üstündür. T e y m u r. Bəxtiyar şair! Səni sərməst edən tatlı xəyal, yalnız xoş bir təsəllidir. Bununla bərabər sən pək böyüksün, əvət, sənin kibi dəyərli simaların qədr və qiyməti anlaşılsaydı, bənim kibi topallar soldakı sıfır qadar mə’nasız qalırdı. Siz yarasalar ölkəsində, korlar məmləkətində parlayan bir günəşsiniz. Əfsus ki, insan adını daşıyan ikiayaqlı həşərat pək qaba və pək səfil bir şey... Iştə şu qaba və miskin həşəratı uslandırmaq için, onların pas tutmuş kirli vicdanlarını yıqamaq için yalnız Teymur qılıcı lazım... Əvət sevgili şair! Insanlar mərhəmət və məhəbbətdən ziyadə dəhşət və qüvvətə tapınırlar. (Aqbuğaya). Demək, ordu tamamilə hərbə hazır, öyləmi? A q b u ğ a. Əvət, həpsi bir fərd kibi əmrə müntəzirdir. T e y m u r. Iştə kafi... Ş a i r. Şimdi nerəyə, əcəba? T e y m u r. Mısır və Şam üzərinə. Ş a i r. Fəqət bu siyasəti əsla düşünəmiyorum. T e y m u r. Sən “Teymurnamə” müəllifi ikən bənim siyasətimə yabançı görünmək tuhaf deyilmi ya? (Həyəcanlı.) Ah, Savə!.. Fazil Şeyx Savənin qətli nə çabuq unutuldu. Bən onu Ərəbistana elçi göndərdim. Mısır hökmdarı alçaqcasına öldürtdü. Əcəba elçi də öldürülürmü? Xayır, xayır, Şeyx Savənin qanı yerdə qalmaz. Ş a i r. Fəqət azcıq istirahət də lazım. (Teymurun taxtı önünə sərilmiş qaplan dərisini göstərir.) İştə Hindistanda Qanq nəhri kənarında avladığın qaplanların dərisi hənuz qurumamış, Sultan Mahmud ölkəsində aqıtdığın qanların izi hənuz topraqdan silinməmiş... T e y m u r. Bən məğrurları əzmək için yaradılmış bir Allah bəlasıyım. Tökdüyüm qanlar da yalnız haq və ədalət namınadır. Ş a i r. Açıq söyləmək lazım gəlirsə, bən qan tökülməkdə hiç bir haq və ədalət görəmiyorum. T e y m u r. (məğrur təbəssümlə). Əvət haqlısın, çünki... şairsin. A q b u ğ a. Şairlər də mənəvi həkimlərdir. Qan aqıtmaqdansa yara bağlamağı daha xoş görürlər. T e y m u r. Baqalım Divan bəyi nə diyor? D i v a n b ə y i. Bana qalırsa xeyir və şər ikizdir. Məhəbbətlə ədavət bir-birinə bağlıdır. Lüzumundan fəzlə məhəbbət nifrət doğurduğu kibi, həddən aşırı qan tökülməkdə də bir fəzilət yoq. T e y m u r. Divan bəyi daha başqa düşünüyor, o daha etidalçı. Fəqət unutmamalı ki, hər səciyyə və şəxsiyyət birər qanun deməkdir. İştə bu gün şəxsiyyətim bana nə əmr edərsə, onu yapmaqdan çəkinməm. Bununla bərabər bən şimdiyə qadar qurultaysız, şurasız bir şey yapmadım, çünki şurasız bir məmləkət cahil bir şəxsə bənzər ki, tutduğu işlər, söylədiyi sözlər həp nədamət və fəlakət doğurur. Bən daima həkim və aqil şəxsləri dinlədim, böyük sərdarlar ilə müşavirə yapdım. Yalnız hərb ilə mübarizəyi deyil, sülh mə’nafeyini də düşündüm. Əvət, bən şu nihayətsiz ölkələri gah tədbir və siyasətlə, gah sülh və məhəbbətlə, gah təhdid və şiddətlə, gah əfv və mülayimətlə idarə etmək istərim. Bən hər işdə səbat və istiqaməti sevdiyim kibi, həzm və ehtiyatdan da xoşlanırım, lazım gəlirsə, bə’zən düşmanlarıma qarşı səbr və təhəmmül göstəririm, bə’zən də qafil və cahil görünməkdən zevq alırım. D i v a n b ə y i. Baqalım, şura nə qərarə gəlir. T e y m u r. Əminim ki, Ərəbistan səfərinə kimsə etiraz etməz. Çünki Bingül dərəsində devlət kişilərindən pək çoqunu dinlədim. Hər kəs bənim fikrimə iştirak ediyor. Bu xüsusda tərəddüd göstərən varsa, o da yalnız şair Kirmani ilə sənsin. Şübhəsiz ki, iki gün sonra siz də əksəriyyətə tabe olursunuz. Q a r a q u ş (gəlir, əyilir). Sobutay hüzura izin istiyor. T e y m u r. Hanki Sobutay? Q a r a q u ş (Aqbuğaya işarətlə). Böyük sərdarın küçük qardaşı, Yıldırım Bayazidə göndərilən elçi... T e y m u r. Gəlsin, baqalım nə cəvab gətirmiş. (Qaraquş kənara işarət edər. Sobutay gəlir, əyilir.) Xoş gəldin, oğlum, nasılsın? S o b u t a y. Böyük xaqanın kölgəsi əskik olmasın. T e y m u r. Osmanlı sultanından nə xəbər? S o b u t a y. İştə göndərdiyi cəvab... (Məktubu təqdim edər.) T e y m u r. (məktubu Divan bəyiyə verir, elçiyə.) Məktubu Divan bəyi oqur, söylə, baqalım qəhrəman Sobutay! Sən nə gördün, sən nə eşitdin? S o b u t a y. Yıldırım daima eyş-işrət düşkünü... Götürdüyüm məktuba qarşı acı qəhqəhələrlə güldü; həm də son dərəcə saymazlıq, soğuqluq göstərdi. T e y m u r. Demək bənim düşmanım Qaraqoyunlu əmiri Qara Yusifi yenə himayə etmək istiyor, öyləmi? S o b u t a y. Yalnız Qara Yusifi himayə etmiyor, hətta Bağdad Sultanı Əhməd Cəlayiri də ittihadə cəlb etmiş, həm də bizim əleyhimizə... T e y m u r. (acı qəhqəhəylə). Demək düşmanlarımız ilə itilaf yapıyor, bizi hiçə saymaq istiyor, öyləmi? (Başını məktubdan qaldıran Divan bəyiyə) Pəki nə yazıyor? D i v a n b ə y i. Təkrarə nə hacət?! Iştə Sobutayın söylədiyi kibi: saymazlıq və soğuqluq... Başqa laf yoq. T e y m u r. (kinli). Saymazlıq və soğuqluq... Nə gülünc həqarət! (Hiddətlə yerindən qalqar.) Ah, saymazlıq və soğuqluq... Nə böyük cəsarət!.. Bən ondan qardaşca məhəbbət bəklərkən iştə aldığım cəvab! Qara Yusiflə Əhməd Cəlayir bəni gözəl tanıyorlar, fəqət Yıldırım!.. Yıldırım isə şərab düşkünü... Zərər yoq, o da ayıldıqdan sonra tanır. Bən İrana ayaq basdım, ən böyük cəngavərlər qarşımda duramayıb Mazandaran çaqqalları kibi ormanlara qaçdılar. Moskofa hücum etdim, rus knyazları qorqudan şimal ayıları kibi ürküşüb dağılmağa başladılar. Hindistana yürüdüm. Sultan Mahmud ordusu Qanq nəhri kənarındakı qaplanlar kibi oqlarıma şikar olub diz çökdülər. Əvət bir gün gəlir ki, məğrur Yıldırım da paytaxtı Bursada Topal Teymuru qarşılar və o zaman... iştə o zaman sərxoşluğun nəticəsini və bənim kim olduğumu haqqilə anlar. Pərdə * * * İkinci pərdə Gözəl bir köşk... Ortada fəvvarəli bir havuz, havuz kənarında Kişmir və İsfahan səccadələrilə ipək döşəklər, qədifə (məxmər) yasdıqlar və balışlar, masa və sandaliyələr... Bağça başdan-başa dürlü çiçəklərlə bəzənmiş, ta uzaqlarda sıra ilə ulu çinar ağacları nəzərləri oqşar. Kənardan eşidilən həzin bir kamança səsi ruhlara nəş’ə səpər. Bir tərəfdə şərabla dolu sürahi və bir qədəh, soyulmuş və soyulmamış alma və şaftalı, digər tərəfdə qələm, dəvat, bir taqım dəftər və kitablar bulunur. Ş a i r K i r m a n i yastığa yaslanaraq yazı ilə məşğul görünür. O l q a əlində böyük bir gül dəməti gəlir. Arqa tərəfdən qədəh içərisinə bir gül bıraqıb geri çəkilir. Ş a i r. (başını qaldırır, dolu qədəhi alıb içmək istərkən heyrətlə.) Əcəba bu gül nerdən? (Ətrafa baqar, Olqayı görüncə qələmi bıraqır.) Ah, nə böyük səadət!.. (Ahəngiməxsus ilə.) Badə, gül, bir də gül bənizli mələk!.. (Yerindən qalqıb sandaliyəyə oturur.) O l q a. Sizi rahatsız etdim, deyilmi? Ş a i r. Bil’əkis, şairləri rahatsız və müztərib edən bir şey varsa, o da gözəllərdən uzaq bulunmaqdır. O l q a. (əlindəki dəməti təqdim ilə). Iştə şu gülləri yalnız şair için topladım. Ş a i r. (alır). O halda şair son dərəcə bəxtiyardır. (Olqaya işarətlə.) Müsaidənizlə şu qədəhi təbiətin ən canlı şe’ri şərəfinə içmək istərim. (İçər). O l q a. Nuş olsun! Şu dəftərlər nə? Yoqsa yeni bir ilhammı var? Ş a i r. Xayır, “Teymurnamə” yazıyorum. O l q a. Pək gözəl. Böyük xaqanın tarixini yazmaq şərəfi hər kəsə nəsib olmaz. Ş a i r. Halbuki, eşq və gözəllik tarixi yazan şairlər daha yüksəkdir. O l q a. (gedəcək olur). Müsaidənizlə... Ş a i r. Gediyormusunuz? O l q a. Əvət. Ş a i r. Nədənsə bu gün sizi pək düşüncəli görüyorum. Səbəbini sora bilərmiyim? O l q a. Səbəbi böyük bir haqsızlıq. Ş a i r. Nasıl haqsızlıq!? O l q a. Allah eşqinə, söyləyin, Orxan gerçəkdənmi Yıldırım mühibbi? Sizcə o, Teymura xəyanət edərmi? Ş a i r. Hiç ümid etməm. O l q a. Iştə Orxanın xəyanəti hər ağızda söyləniyor. Ah, nə qadar böyük bir iftira, nə qadar fəna yanlış... Aman, əfəndim, Teymur sizə qarşı böyük hörmət bəslər. Lütfən Orxanı müdafiə ediniz. Ş a i r. Hiç təlaş etməyin, əlimdən gəldiyi qadar çalışırım. O l q a. Əskik olmayınız. (Xəfif baş əyintisilə çəkilir). Ş a i r. İzzət və şərəflə... (Ətrafa). Bəxtiyar Orxan! Səadət pərisi üzərində qanat çalıyor da əsla xəbəri yoq. (Qədəhi şərabla doldurur. Bu sırada Teymurla Divan bəyi gəlir). T e y m u r. Yenəmi şərab, möhtərəm şair? Yenəmi şərab? Ş a i r. Böyük cihangirin qanlı müharibələri ancaq qanlı şərabla yazıla bilir. T e y m u r. Kinayəmi, yenə kinayəmi? Əylənmək istədiyin cihangirin qəzəbi səni qorqutmuyormu? Ş a i r. (laübali və tatlı təbəssümlə). Hökmdarların hiddət və qəzəbi böyük bir məmləkəti alt-üst edər, fəqət küçük bir şairi qorqutamaz. Əvət, bən yalnız gözəllərin itab və sərzənişlərindən mütəəssir olurum. Bəncə işvəkar bir qaşın çatılması, parlaq bir qılıcın çəkilməsindən daha mə’nalı, daha kəskindir. T e y m u r. Sən çoq içiyorsun, halbuki məmləkət qanunu və türk adəti bunu şiddətlə mə’n edər. Ş a i r. Şairlər isə, adət və qanun çərçivəsini qırıb parçalamaqdan daha çoq zevq alırlar. T e y m u r. (məmnun qəhqəhəylə). İştə səni bana sevdirən də şu rindanə xislət, şu qürur və əzəmətdir. D i v a n b ə y i. Şair Kirmani böyük ruhşinasdır. O, pək gözəl biliyor ki, Teymur hökumətləri yıqar, məmləkətləri yaqar; ən məğrur hökmdarları əzər, ən şücaətli qəhrəmanları qəhr edər, fəqət dəyərli şair və ədiblərə, alim və fazil şəxslərə qarşı da o nisbətdə hörmət və məhəbbət bəslər. Iştə Səmərqəndin evləri, misafirxanələri deyil, şəhər ətrafındakı köşklər və bağçalar belə uzaqdan gələn fən və sənayeyinəfisə ərbabına kafi gəlmiyor. Yalnız Şərq devlətləri deyil, hətta Qərb hökumətləri də elçi və ticarət nümayəndələri göndərməkdən geri durmuyorlar. T e y m u r. Tüccar və sənətkarlara daha çoq sühulət və hörmət göstərməli. Çünki cihan, ancaq ticarət və sənaət sayəsində rifah bulur. D i v a n b ə y i. Əvət dün Ispaniya səfiri də bu nöqtəni qeyd ediyordu və böyük xaqanın fəzilət və məharətlərini saydıqca dili ağzına sığmıyordu. T e y m u r. Avropalıların dilləri başqa, yürəkləri daha başqadır. Hər halda məmləkətimiz arslanlar yurdu, qartallar yuvası olaraq qalmamalı. Bəlkə dünyada ən parlaq maarif və mədəniyyət ocağı, ən zəngin sənaye və ticarət mərkəzi olmalıdır. Əvət, qoy düşmanlarımız görsünlər ki, türk evladı yalnız basıb-kəsməkdən deyil, yaşamaq və yaşatmaqdan da zevq alır. Yalnız yaqıb-yıqmaq deyil, yapmaq və yaratmaq da bilir. Bununla bərabər yapdıqlarımız hiç bir şey deyil. Bu, yalnız mədəniyyətə doğru bir adım, gələcək için bir başlanğıcdır. Bizim başladıqlarımızı gələcək nəsil ikmal etməli. Yalnız beş-on şəhər deyil, bütün məmləkət tərəqqi və gözəlliklər için birər nümunə olmalı. Əvət, biz təməl daşı atıyoruz. İştə bu təməl üzərində möhtəşəm binalar qurmaq və bu şüarı çiçəkləndirmək... ancaq yeni nəslə, ancaq sarsılmaz gəncliyə aiddir. D i v a n b ə y i. (yazılan dəftərə baqaraq). Əcəba şair imdi hanki vəq’əni qələmə alıyor? Ş a i r. İştə son səfərlər... Türküstan ordusunun Kişmir səhrasındakı müvəffəqiyyətləri və sarsılmaz xaqanın Hindistanı fəth etməsi... T e y m u r. Ümidvaram, bu gün-yarın Mısır və Şam zəfərlərimiz də yazdığın tarixin ilavələri sırasına keçər. Məğrur Yıldırım inadında dəvam edərsə, o da tariximizə yeni bir fəsil artırmış olur. D i v a n b ə y i. Fəqət bən bil’əkis, Yıldırım məsələsinə əsla tərəfdar olmaq istəməm. Çünki hər ikiniz Turan aləminin birər qütbüsünüz. Şu iki qütb bir-birilə çarpışırsa, ortada fəlakətli bir uçurum açılmış olur. Və bu nifaqdan istifadə edərək ətrafı saran əcnəbi devlətlər türk dünyasına saldırmağa fürsət bulur. Bir də ordumuz bütün cihanı saracaq deyil a... Alınan ölkələri haqqilə idarə etsək daha böyük müvəffəqiyyətdir. T e y m u r. (məğrur qəhqəhəylə). Allah bir olduğu kibi, padşah da bir olmalı, şan və şöhrət izləyən bir hökmdar qarşısında cihan... nədir? E l m a s (müztərib adımlarla gəlir). Böyük xaqan! Sana şikayətim var. T e y m u r. Kimdən? E l m a s. Ədalətdən dəm vuran Teymurdan. T e y m u r. Niçin, yavrum, Teymur bir xətamı işləmiş? E l m a s. Əvət! Teymurun xətası kəndisi qadar böyükdür. T e y m u r. Nə imiş əcəba? E l m a s. Sən qəhrəman bir mücahidi məhv ediyorsun. D i v a n b ə y i. (Elmasın qolundan tutaraq). Şaşırdınmı, qızım, nə söylüyorsun? T e y m u r. Söylə, Elmas, hiç çəkinmə, o qəhrəman kimdir? E l m a s. Bəni söylətməkmi istiyorsunuz? Əcəba Orxan nə yapmış ki, Səmərqənddən sürgün ediliyor. T e y m u r. O asılmalıydı, yalnız sənin ərin olduğu için sürgünə qərar verildi. E l m a s (həyəcanlı). Niçin, ah, niçin? T e y m u r. Çünki hökumətə xaindir. Yıldırıma qarşı məhəbbət bəsliyormuş... E l m a s. Yalan, iftira!.. D i v a n b ə y i. Elmas! T e y m u r. (Elmasa). Bən qürur və cəsarəti pək sevərim, hər halda hörmətə layiqsin. E l m a s. Xayır, bən hiç bir nəvaziş istəməm. Yalnız ədalət istərim, ədalət! Ş a i r. (acı təbəssümlə, ətrafa). Mə’sum bir maral yırtıcı qaplandan ədalət umuyor. (Teymura). Əfəndim, Elmas bəyimə mərhəmət ediniz. Orxan xain olamaz. T e y m u r. Siyasət başqa, mərhəmət daha başqa bir şeydir. Siyasətdə mərhəmət yoq! Əvət, Orxan sürgün edilməli. E l m a s. Ya bən! Ya qucağımdakı yavrucığaz nə olur? Ah, qəlbiniz daşdanmı yapılmış? D i v a n b ə y i. (qolundan tutaraq). Qızım, sus! T e y m u r. (kəskin). Orxan asılmalıdır. E l m a s (çılğınca). O halda bəni də asdır, bəni də... (Bihal olurcasına Divan bəyiyə sarılır). Ah, babacığım!.. D i v a n b ə y i. Üzülmə, yavrum, Əmir əfv edər. D i l ş a d (gəlir. Mənzərəyi görüncə, heyrətlə). Elmas! Bu nə hal? Ah, səni pək müztərib görüyorum. E l m a s (mə’yus). Xayır, hiç bir şey yoq... T e y m u r. Dilşad! Elmas təsəlliyə möhtacdır. E l m a s. Təsəllilərin ən gözəli ölümdür. Q a r a q u ş sür’ətlə gəlir, əyilir. T e y m u r. Nə xəbər? Q a r a q u ş. Sərdar Aqbuğa orduya rəsm-keçid yapdırıyor. Bütün ə’yan, əşraf hazır. Əcnəbi elçi və nümayəndələri də təşrifinizə müntəzirdir. T e y m u r. (Divan bəyi ilə şair Kirmaniyə). Əvət, gedəlim, beş dəqiqə bulunsaq, kafi. Ş a i r. Qaraquş! Bunları topla, kütübxanəmə götür. Qaraquş kitab və dəftərləri toplar, onları izlər. D i l ş a d . Elmas! Çocuqmu oldun, niçin kəndini üzüyorsun? E l m a s. Ah, Orxan məhv oluyor, ona xain deniliyor... D i l ş a d . Xayır, o xain deyil. Ona hiç bir şey olmaz. Burada yalnız bir anlaşılmaz bir səbəb var. E l m a s. Iştə bu anlaşılmaz səbəblər bəni bəhr ediyor. D i l ş a d . İnan, burada bir sirr var. Bən Teymuru eyi tanıyorum, o böylə qaranlıq bilməcələrdən pək xoşlanıyor. Sən Orxandan əmin ol və əsla düşünmə!.. E l m a s (ona sarılaraq). Ah, nəcib ruhlu Dilşad! Bən yalnız sana inanıyorum. Bu sırada “Yaşasın Teymur! Yaşasın Teymur!” deyə Teymur uzaqlaşdığı tərəfdən gurultu və alqış sədaları eşidilir. O l q a qarşıdakı evdən çıqar. Dilşada doğru gəlir. E l m a s (onu görüncə sarsılır, sinirli bir tevr ilə) İştə!.. İştə bütün fəlakətlərə səbəb şu aşüftə prenses, şu xain afətdir. D i l ş a d . Elmas! Onu bıraq. E l m a s. Rica edərim bəni qınama. Ah, keçən gün Qaraquşun söylədiklərini unutdunmu? (Olqaya yaqlaşır, çılğınca). Bana baq, Olqa! Sən bizdən nə istiyorsun? Artıq yetişir, dəf’ ol! Türküstan ovalarında, Səmərqənd bağçalarında yabancılara yer yoq... Eşidiyormusun? (Daha kinli). Ah, bən bu sayğısız fitnəyi kəndi əlimlə boğmaq istiyorum. (Boğazına sarılmaq istər). D i l ş a d (mane olur). Elmas, düşün ki, bu hal Əmirin sönməmiş qəzəbini daha ziyadə alevləndirir. E l m a s. Alevləndirsin, kimsədən qorqum yoq... O l q a. Rica edərim, Elmas, bəni təhqir etmə! Bən də sənin kibi əsil bir ailəyə mənsubim. Həm də buraya kəndi ixtiyarımla gəlmədim, sevgili ərin gətirdi. Bu sözləri bana söyləməkdənsə ona və Əmir Teymura söylə. E l m a s. Ah, sən getdikcə şımarıyorsun. (Sinirli və qızğın). Xayır, bən kimsəyə söz söyləməm. Sən Teymurun da, Orxanın da əqlini çalmışsın. Bən sana kəndim cəza veririm, kəndim... Bana baq, ya ana yurduna getməlisin, ya məzaristana... Eşitdinmi? Ah, sərsəri məxluq! D i l ş a d . Elmas! Artıq yetişir, gedəlim. (Qolundan tutub götürür). O l q a. (yalnız). Gedərim, əvət gedərim, fəqət yürəyində sağalmaz bir yara açıb da öylə gedərim. (Sinirli adımlarla köşkə doğru yürür. Bu sırada Orxan qarşısına çıqar.) Or x a n . Olqa! O l q a. Ah! Or x a n . Nə oldun, səni qorqutdummu? O l q a. Xayır, qorqutmadın. Sən bəni öldürdün, bəni məhv etdin... Or x a n . Olqa! Nə demək istiyorsun? O l q a. Ah, Elmas bəni rüsvay etdi, o bəni rəzil etdi. Or x a n . Fəqət niçin? O l q a. Səni sevdiyim için... D i l ş a d ağaclar arasında görünür, dinlər. Or x a n . Olqa! Bən şimdi Səmərqəndi tərk ediyorum. İstərsən hazırlan bərabər gedəlim. O l q a. Xayır, istəməm. Or x a n . Niçin? O l q a. Çünki sən də məhv olursun, bən də... Or x a n . Teymurdanmı ehtiyat ediyorsun. O l q a. Ah, əvət. Or x a n . Təlaş istəməz, sən bəni dinlə; Gürcüstandan gətirdiyim ağ əlbisəyi geyərsin, kim görürsə erkək zənn edər. Daha durma. Şimdi gəlirim, bərabər çıqarız. D i l ş a d (ətrafa). İştə ən gözəl fürsət! (çəkilir) O l q a. (mütərəddid). Ah, Teymurun qəzəbi bəni pək qorqutuyor. Yenə kənardan gurultu və alqış sədaları eşidilir. Or x a n . Hiç məraq etmə, qiyafətini dəyişdir də, ötəsi qolay... D ə m i r q a y a (gəlir). Əmir təşrif ediyor. Orxan (Olqanın qulağına). Daha durma, çabuq ol. O l q a. (müztərib). Ah, Orxan! Or x a n . Haydı, çəkil... Bəkliyorum. (Olqa çəkilir. Dəmirqayaya). D ə m i r q a y a! Yol hazırlığı nasıl? D ə m i r q a y a (alnının tərini silərək). Hər şey yolunda... Bu saət çıqa biləriz. Or x a n . Gündüz pək sıcaq. Bəncə mehtablı gecədə səfər etmək daha xoş. Çünki hava bir qadar sərinləmiş olur. D ə m i r q a y a. Nasıl istərsən öylə yaparız. Orxan (yola baqar). Haydı, sən azcıq kənarda dur. D ə m i r q a y a. “Dur” dersin dururum, nəmə lazım... (Çəkilir). T e y m u r l a D i v a n b ə y i gəlir. T e y m u r. Oğlum, sən buradamısın, işlər nə halda? Orxan (tə’zim ilə). Bir az sonra çıqmaq istiyorum. T e y m u r. Saqın xəbərlər gecikməsin. Para lazım olduqca bildir və Yıldırım ölkəsinin hər tərəfində casuslar bulundur. Haydı, eyi yol, uğurlar olsun! Or x a n . Hər xüsusda əmin olunuz. (Tə’zim ilə çəkilir). D i v a n b ə y i. Sağlıqla, oğlum, Elmas için məraq etmə! T e y m u r. (Divan bəyiyə). Yıldırıma bir məktub daha yaz, yarın Sobutay götürsün. Fəqət onun məktubu nə qadar qaba isə, bizimki də bir o qadar nəzakətli olsun. D i v a n b ə y i. Bən də öylə düşünüyorum. (Yola baqar). İştə Sobutay kəndisi də gəliyor. Ş a i r K i r m a n i, A q b u ğ a və S o b u t a y gəlir, əyilirlər. T e y m u r. Qəhrəman Sobutay! Yarın bir məktub daha götürməlisin. Qoy Yıldırım anlasın ki, biz hər şeydən əvvəl barışıq və məhəbbət tərəfdarıyız. S o b u t a y. Xayır, o pək məğrur, pək inadçı adam. T e y m u r. Bizim borcumuz itmami höcətdir. İnad edərsə, kəndisi zərər görür. Şimdi get, hazırlan, yarın həm məktubu, həm də lazım gələn tə’limatı Divan bəyidən alırsın. S o b u t a y. (tə’zim ilə). Itaət, xaqanım! (Gedər). T e y m u r. (Aqbuğaya). Cəsur Aqbuğa! Ordudan pək məmnun oldum. Biz də bir qaç gün sonra Mısıra doğru hərəkətə başlarız. Oğullarımızdan Pir Məhəmməd Mirza Hindistanı, Şahrux Mirza Xarəzm və Türküstanı, Miranşah isə Azərbaycan və Gürcüstanı idarə edər. Digər sərdarlar da hökumətimizə tabe olan başqa ölkələrə baqar. Sandaliyəyə otururlar. Q a r a q u ş (gəlir, əyilir). Azərbaycandan, oğlunuz Miranşahdan Divan bəyiyə məktub. T e y m u r. Pəki, kəndisinə ver. Məktubu verir çıqar. Divan bəyi açar oqur. A q b u ğ a (şairə). Bu məktubda bir sirr var. Ş a i r. Şübhəsiz. T e y m u r. (ətrafa). Xayır, bu məktub uğurlu bir şeyə bənzəmiyor. Kim bilir yenə nə uyğunsuzluq var. D i v a n b ə y i. Məktubun məalını ərz etməyə müsaidlə buyurulurmu? T e y m u r. Söylə! D i v a n b ə y i. Yenə isyan!.. Yenə azərbaycanlılar oğlunuz Miranşaha qarşı isyan etmişlər. T e y m u r. Səbəb!? D i v a n b ə y i. Səbəb Miranşahın gevşəkliyi... idarəsizliyi. T e y m u r. (qızğınca). Ah, Miranşah, Miranşah! Əvət, onda azcıq tədbir və siyasət bulunsaydı, kimsə izindən çıqmazdı. Orasını idarə edəcək sağlam və düşüncəli bir baş lazım. Heyhat ki, Miranşah kibi şaşqınlar o düşüncədən pək uzaqdırlar. Ş a i r. Azərbaycan eşsiz bir cənnət bucağı, tükənməz bir sərvət ocağıdır. Lakin əfsus, binlərcə əfsus ki, Miranşahlar oyuncağıdır. D i v a n b ə y i. Bəncə Azərbaycan xalqı yabancılara kölgə olmaqdan pək zevq alır və xarici tə’sirə daha çabuq qapılırlar. T e y m u r. Pəki, burada xarici tə’sir nə ola bilir? D i v a n b ə y i. Bir taqım qara qüvvələr... T e y m u r. Məsəla, nə kibi? D i v a n b ə y i. Qaraqoyunlu əmiri Qara Yusif kibi... T e y m u r. Nədən bəlli? D i v a n b ə y i. Məktubda örtülü işarətlər var. Ətrafdan gələn bə’zi casuslar orada Teymur nüfuzunu qırmağa çalışıyor və xalqı Yıldırım dostu Qara Yusif tərəfinə çəkmək istiyormuş. Hətta bu da kafi deyilmiş kibi Qara Yusif çeteləri Türküstan ilə Ərəbistan arasındakı karvanların gediş-gəlişinə və ticarət işinə əngəllər çıxarırmış... Teymur hiddətlə yerindən qalqır, yanındakılar da ona tabe olur. T e y m u r. Ah, öyləmi, öyləmi!? Hiç zərər yoq, biz səfər üstündəyiz. Er-gec həpsinin halı sorulur, hər kəs kəndi azğınlığına görə cəza bulur. Xayır, Qara Yusifdə bir tilki qadar cəsarət yoq. Şübhəsiz ki, o həp Yıldırıma güvəndiyi için şu fitnələri qaldırıyor. (Divan bəyiyə). İkinci məktubu gecikdirmə. Hər halda Yıldırım onu bizə təslim etməli. (Qızğın). Ah, Yıldırım! Yıldırım! Bən səninlə xoş keçinmək istərkən, sən çaqqalları, tilkiləri bənim üzərimə şımartıyorsun. Yoq, bən hər sərsəriyə qarşı əyləncə olamam. Qara Yusif təslim edilməlidir, təslim! Yoqsa ikinci məktubunda da saymazlıq və soğuqluq göstərirsə, o halda Yıldırımın kəndisilə hesablaşmalıyım. (Bir-iki adım yürür, təkrar dönər: kəskin və atəşli). Əvət, Topal Teymuru saymayanlar, kəndi əllərilə kəndilərinə məzar qazmış olurlar. (Gedər, onunla bərabər səhnədəkilər də çəkilir. Havanın ışığı bir qadar azalır). D i l ş a d (Elmasla bərabər gəlir. Onun omuzunu oqşayaraq). Elmas! Sən uslu və düşüncəli bir qadınsın. Fəqət pək gənc, pək sinirlisin. İnan ki, çoq sürməz yenə Orxanı Bingül dərəsində zevqi səfa məclislərində görürsün. E l m a s. Ah, bu gediş nə içinmiş? Yalnız onu bilsəydim. D i l ş a d . Xayır, sən onu hiç bilmə! Hökumət sirrini bilənlər, yaxud bilib də açanlar Teymurun qəzəbindən əsla qurtulamazlar. E l m a s. Orxan ləkələnməsin də, bən hər şeyə razıyım. D i l ş a d . Hiç məraq etmə, sən Orxanı bəndən istə! E l m a s (ona sarılaraq). Ah, nə qadar alicənab və böyük ruhlusunuz. Orxan (gəlir. Dilşada qarşı əyilir). Manemi oldum? D i l ş a d . Xayır. Or x a n . Elmas! Ümid edərim ki, bənim şu səfərimdən sıqılmazsın... Orxan xain deyil. E l m a s. Xayır, artıq sıqılmam. Nəcib Dilşadın iki sözü bənim iztirablarımı susdurdu. Orxan (Dilşada işarətlə, ehtiramkar). O, daima pərəstişə layiq bir fəzilət heykəlidir. D i l ş a d . Elmas da, sən də bənim gözümdə qardaş qadar əzizsiniz. H ə r i k i s i (əyilir). Təşəkkür edəriz. D i l ş a d . Saqın, çoq gecikmə. (Mə’nalı təbəssümlə). Həm də səndən bir şey istəriz. Or x a n . Nə arzu buyurulur? D i l ş a d . Elmas yalnızdır. Gönlünü ona bıraqıb da öylə getməlisin. Or x a n . Onun əksini düşünsəniz, Orxanı təhqir etmiş olursunuz. D i l ş a d (ətrafa). Nə yaldızlı yalan. (Orxana). Baqalım, təcrübə həqiqətlərin həqiqətidir. Or x a n . Hər halda vücud ayrılığı gönül ayrılığı demək deyildir. Artıq bana müsaidə... D i l ş a d . Yalnız Elmas içinmi gəldin, minimini oğlunu görməyəcəkmisin? Or x a n . Hiç onsuz olurmu? Buyurun gedəlim. D i l ş a d . Gerçəkdən pək sevimli çocuq. Bənim də görəcəyim gəldi. Gedərlər. Gün batar, ay ışığı ətrafı sarmağa başlar. D ə m i r q a y a (gəlir; onların uzaqlaşdığım görüncə). Yahu, şu Orxan da hiç yol adamı deyil, sanki Elması hiç görməmiş. (Dışarı çıqıb da təkrar içəri girən O l q a y ı görür, heyrətlə). O kim? Nə gözəl də geyinmiş. Sanki gürcü knyazıdır, kim bilir, bəlkə Gürcüstandan Teymura yeni misafir gəlmiş. Nəmə lazım, kim olursa-olsun bən qarışmam. O r x a n (çabuq geri dönər). Dəmirqaya! D ə m i r q a y a. Buyur. O r x a n . Burada erkək qiyafətində bir dəliqanlı görmədinmi? D ə m i r q a y a. Əcayib şey! Dəliqanlı qadın qiyafətində olmaz a!.. Təbii erkək qiyafətində olur. O r x a n . Nə isə şaşırdım. Gürcü qiyafətli bir şəxs görmədinmi? D ə m i r q a y a. Əvət, şimdi buradan çıqdı. O r x a n . Atlar hazırmı? D ə m i r q a y a. Əlbəttə, hazır. O r x a n . Haydı sən get, bən də gəliyorum. D ə m i r q a y a. Pəki (Bir-iki adım yürür, ətrafa). Görünür yenə Elması bəkliyor. (Omuzlarını ataraq). Bəkləsin, nəmə lazım. (Gedər). O l q a. (çıqar). Orxan! Getmiyəlimmi? Or x a n . Əvət, gedəlim. (Mütərəddid bir düşüncədən sonra, onun əlini yaqalar). Bana baq, Olqa! Sən qal... İstərsən qal... O l q a. Peşimanmı oldun? Orxan. Xayır. O l q a. Pəki, bu tərəddüd niçin? Or x a n . Çünki yol pək uzaq, həm də təhlikəsiz deyil... O l q a. Xayır bən nə yoldan qorquyorum, nə də sənin düşündüyün təhlikələrdən. Artıq qərar verdim, geçdi. Parça-parça doğrasalar da geri dönməm. Dilşad ağaclar arasında görünür. Or x a n . O halda gedəlim. O l q a. Ah, əvət, gedəlim. Sür’ətli adımlarla uzaqlaşırlar. D i l ş a d (məğrur və məmnun). Zavallı Olqa! Kəndi əlinlə kəndini fəlakət uçurumlarına yuvarladın, iştə bənim aradığım da bu idi. (Şiddət və həyəcan ilə). Əvət get, get də, dəf’ ol! Fəqət heyhat, çoq sürməz ki, tatlı arzuların gözündə qalır. Qoca Teymurun dəmir pəncəsi köksünü didər, hiylə və xəyanətlə çarpan qəlbini Türküstan qartallarına yedirir. Pərdə * * * Üçüncü pərdə Bursada Yıldırım Bayazid sarayında süslü bir salon. Gecə... hər tərəf mumlarla donatılmış... Bir guşədə çini saqsıda... hənuz açmamış hərdəmbahar gülü gözə çarpar. Yeni doğmuş ayla yıldızlar da uzaqdan görünərək şairanə bir mənzərə ərz edər. Yucaboylu hərəm ağası qara ərəb N a z i m əllərini köksündə çapraz edərək düşünüb durur... Sultanın nədimlərindən qısaboylu, ufaq cüssəli bir masqara Cücə Əmir Teymur qiyafətində daxil olur. Səssiz adımlarla arqa tərəfdən hərəm ağasına yaqlaşır. Ayaqlarınıyerə vuraraq hoplar, ta ənsəsinə (peysərinə) tatlı bir sillə eşq edər. N a z i m (diksinir, qızar, Cücəyi yaqalamaq istər). Ah, azğın Cücə! Sapqın Cücə! C ü c ə (qaçar, bir guşədə istehzalı qəhqəhələrlə hoplayaraq). Əfv edərsin, Nazim ağa! Bən Cücə, sən qara qurbağa... N a z i m (daima sözləri ərəb şivəsinə uyğun bir tərzdə çəkərək, qızğın bir tevr ilə). Allah, allah! Sən artıq hədyan ediyorsun. C ü c ə. Rica edərim ağzını bozma! Qarşındakı Cücə deyil, bəlkə cihangir bir xaqandır. N a z i m. İstər xaqan ol, istər şeytan. Ancaq həddini aşma, anladınmı? C ü c ə (sırıtaraq). Bağışla, Nazim ağa, azcıq sapıtdım. N a z i m. Allah, allah! Bir boyuna baq da, utan, adəta mətbəx davşanlarına bənziyorsun. C ü c ə. Əfəndimiz həzrətləri də tam mə’nasilə kəlisa mərdivəni... Qamətinə qurban olayım, bir az da uzansan Allahdan xəbər gətirəcəksin. N a z i m. Allah, allah! Sən nə zəvzək hərifsin, hiç Məhəmməd ümməti də kəlisa mərdivəninə bənzətilirmi? C ü c ə. Bağışla, bilmədim. Sən müsəlman bir ərəbsin, minarəyə daha çoq bənzərsin; çünki başının boşluğu, boyunun yucalığı, qəlbinin əyriliyi minarədən seçilməz. N a z i m. Allah, allah! Sən kafir oldun, dinə sataşdın. C ü c ə (eyni ahənglə). Vallah-billah, ey ərəb qardaş, sən də pək şaşdın. N a z i m. Vay, sərsəm hərif, vay, dur bir səni yaqalayım. (Yaqalamaq istər). C ü c ə (qaçıb bir tərəfdə durur, qəhqəhəylə). O sənin işin deyil, çünki səni yaratırkən Tanrı əqlini boyunun üstünə qoymuş. Əvət, sən əqli topuğunda bir qazsın, qaz... N a z i m. Sən nəsin, sən? Çoq bildiyindən yastılaşıb qalmış bir tilkiyə bənziyorsun. C ü c ə (sırıtaraq). Bağışla, daha səninlə alay etməm. Ver əlini, barışalım. (Yaqlaşıb əlini uzatır). N a z i m. İstəməm, rədd ol! (Ətrafa baqır, təlaş ilə). Ah, iştə Sultan əfəndimizləhərəmi Meliça!.. C ü c ə (baqar, istehzalı gülüşlə). Əvət, Serb kralının həmşirəsilə itaətli qulu Yıldırım Bayazid! N a z i m (şaşqın və qızğın). Allah, allah! Hiç Sultan əfəndimizə qul denirmi? Halbuki o, yer yüzündə zilli-allah sayılır. C ü c ə. Əvət, sənin kibi uzunqulaqların bərəkətindən... İstehzalı qəhqəhələrlə çəkilir. Nazim arqasınca heyrətlə baqıb durur. Şu halda Y ı l d ır ı m l a M e l i ç a gəlir. Nazim əyilir. M e l i ç a. Aman əfəndim, yenə nə olmuş? Pək rahatsız görünüyorsun? Y ı l d ı r ı m. Bu gün yemək yeyirkən fəzlə şərab içdim də qafam bir dağ qadar ağırlaşmış... M e l i ç a. Başdakı şərab ağrısını yenə şərab çıqarır. (Ərəbə). Nazim ağa! Bir az şərab gətir. Hanı ya, Serbistandan bənim adıma göndərilmiş şərablardan olsun. Y ı l d ı r ı m. Bir də sədri-əzəm paşa gəlmişsə, xəbər ver! N a z i m. Baş üstünə. (Əyilir çıqar). Y ı l d ı r ı m. Bən Serbistan şərabını pək sevərim, çünki səni bəsləyən abü hava ona da başqa bir lətafət vermiş. M e l i ç a. Serbistan bana ana qucağı isə, Yıldırım məmləkəti də mə’şuq ağuşu qadar munis və ruhaşinadır. Y ı l d ı r ı m. Sevgili Meliça! Sözlərin də vücudun kibi lətif və zərifdir. N a z i m (gəlir). Sədri-ə’zəm Əli paşa hazır. Əmri-hümayuna müntəzir. Y ı l d ı r ı m. Söylə, buyursunlar. (Nazim çıqar). Əli paşa gerçəkdən dəyərli bir zat. Həm dindar bir hökumət adamı, həm də bir ailə ə’zası kibi saraya məhrəm və bizimlə həmpiyalə... M e l i ç a. Əvət, o pək eyi adam. Ona qarşı bir qardaş kibi hörmət bəslərim. Ə l i p a ş a (gəlir, nəş’əli birp tevr ilə təmənna edərək). Səlam və ərzi-ehtiram! Y ı l d ı r ı m. Əleykümsəlam! Buyurun, baqalım niçin gecikdiniz? Ə l i p a ş a. Topal Teymurun dünkü məktubuna cavab yazıyordum. Y ı l d ı r ı m. Nasıl yazdınız? Ə l i p a ş a. Əmr etdiyiniz kibi. Əvvəlki məktubumuza nisbətlə daha soyuq, daha qızğın. (Qoltuq cibindən çıqarır, təqdim edər). Mütaliəsi arzu buyurulursa, iştə! Y ı l d ı r ı m. (məktubu açır, aşırı dərəcədə gözlərinə yaqlaşdırır). Əvət, pək gözəl. Ə l i p a ş a (ətrafa). Hərif gerçəkdən kor. Az qalır ki, məktubu gözlərinə yapışdırsın. (Yıldırıma). İnsaf eyi bir şeydir, əfəndim, gör bizdən kimi istiyor. Hiç Qaraqoyunlu əmiri kibi xeyirxah bir şəxs ona təslim edilirmi? Halbuki Qara Yusif, yaxud Sultan Əhməd Cəlayir bizim ən yaqın dostlarımızdır. M e l i ç a (heyrətlə). Aman, ya rəbbi! Şu Teymur da pək şımarıq hərif. Y ı l d ı r ı m. (mütaliəyə dəvam ilə). Zərər yoq, nə qadar şımarırsa o qadar ağır cavablar alır. M e l i ç a (ətrafa). Zavallı Yıldırım! Kor olduğunu bütün cihana e’lan edəcək. (Yıldırıma). Aman, əfəndim, gözlərinizi mə’nasız şeylərlə yormayınız. Y ı l d ı r ı m. (Əli paşaya). Pək xoşuma getdi, əvət Teymura layiq bir cəvab. Bu sırada N a z i m digər bir xidmətçiylə bərabər üzəri şərab, məzə və gül dəməti ilə süslü bir masa gətirir. Xidmətçi çıqar. Ə l i p a ş a. Rica edərim Teymuru bıraqınız, bunları buraya niçin gətirdilər? Y ı l d ı r ı m. Təbii, içilmək için. Ə l i p a ş a (qədəhləri doldurur, Meliçaya). Müsaidənizlə, yarım sərxoş isəm də, şövkətli Sultanımın ən sevgili hərəmi şərəfinə bir qədəh içmək istərim. Var olsun Meliça həzrətləri! İçərlər. M e l i ç a. Doğrusu səmimiyyət və nəzakətiniz bəni heyran ediyor. Y ı l d ı r ı m. Əvət, Əli paşa əmsalsız bir vücuddur. (Əli paşaya). İşrət xüsusunda sevgili Meliça bana ilk rəhbər isə, sən də ikinci müəllimsin. Nə yapalım, şərab dinimizcə günah isə də, amma nəş’əli bir günahdır. Ə l i p a ş a. Bəncə ibadət də lazım, işrət də. Tövbə qapısı daima açıqdır. (Təkrar qədəhləri doldurur). M e l i ç a. Siz diplomatlar şərabı da şəriətə uydurub öylə içərsiniz.. Bana qalırsa şərabda hiç bir günah yoq; baxüsus Serbistan şərabı olursa! Ə l i p a ş a (nəş’əli və mə’nalı bir tevr ilə). Əvət, baxüsus Serbistan şərabı olursa. (Qədəhi qaldırır). Yaşasın şanlı Yıldırım Bayazid!.. Y ı l d ı r ı m. Var ol, paşa həzrətləri! (İçərlər. Meliça bir yutum içər, qədəh dolu qalır). Ə l i p a şa. Hanı ya, bizim Cücə nerdə? O hər aqşam məşhur bir hökmdar qiyafətində çıqardı. Y ı l d ı r ı m. Nazim ağa! Cücə nerdə? N a z i m. Bu saət. (Əyilir, çıqar). Y ı l d ı r ı m. Gəlsin, baqalım, nə oyun çıqarır. Ə l i p a ş a. Bən istərdim ki, İspaniya kralı Üçüncü Genrix qiyafətində gəlsin, çünki o Teymura qarşı pək yaltaqlıq ediyor. Hətta elçilər göndəriyor, onunla ticarət müahidələri yapıyor. Y ı l d ı r ı m. Zənnimcə Teymurun kəndisini yansılarsa daha xoş, daha məqbul... C ü c ə kəndisini izləyən iki m i s q a r a q i y a f ə t li a r q a d a ş i l ə bərabər Teymur qiyafətində daxil olur. Ağır və komikcə adımlarla aqsayaraq onlara doğru ilərilər və bir heykəl kibi qarşılarında dikilib durur. M e l i ç a (gülməkdən kəndini alamıyaraq, heyrətlə). Ah, qorqdum, nə əcayib şey! Əcəba bu kim, bu nə qiyafətdir? Y ı l d ı r ı m. Dur, kəndisinə soralım. Ə l i p a ş a. Topal Cücə? Sən kimsin və nəçisin? C ü c ə (məğrur və əzəmətli). Bana xaqanlar xaqanı, Turğay oğlu Teymur derlər. Bən Yeşil şəhərdə dünyaya atıldım, Səmərqənddə nəşvü nüma buldum. Babam Barlas qəbiləsinin hökmranı, kəndim Gürkan nəslinin baş qəhrəmanı... (Yanındakı masqaralarda sürəkli qəhqəhələr...) Y ı l d ı r ı m. (istehzalı təbəssümlə). Eşq olsun, eşq olsun! C ü c ə. Bən on iki yaşında ikən kəndimdə bir fərasət və böyüklük duymağa başladım. Bənimlə görüşənləri ciddi bir vəqar və hörmətlə qəbul edərdim. On səkiz yaşımda binicilik və avçılığa həvəs etdim. Vəqtimin çoqunu Qur’an oqumaqda, şahmat oynamaqda və at oynatmaqda keçirdim. Sonra Əmir Qazana yanaşdım, Hüseyn Kürd ilə savaşdım. İlyas Xocaya qoşdum, vəzirilə pozuşdum. Oradan uzaqlaşdım, türkmanlara əsir düşdüm. Sonra bir çoq arqadaşla buluşdum. Bəlucistanla vuruşdum. Gah qalib gəldim, gah məğlub oldum. Ayaqdan bir yara aldım, iştə böylə aqsaq qaldım. (Aqsayaraq yürür, kəskin bir ahənglə) Əvət bənim yaralı arslan, bənim Topal Qaplan. Yanındakı masqaralar istehzalı, narın və sürəkli qəhqəhələrlə gülər. N a z i m (heyrətlə, sözləri çəkərək, ətrafa). Allah, allah!.. M e l i ç a. Aman, nə gözəl natiq!.. Ə l i p a ş a. Əvət, dəhşət, dəhşət! Y ı l d ı r ı m. Sonra nə oldu? Söylə, baqalım, sonra? C ü c ə. Sonra Cetləri boğdum, Cığatay elini Mavəraünnəhrdən qovdum, Səmərqəndə girdim, xalqdan hörmət gördüm. Qurultay çağırdım, sözümü keçirdim. Bəlx şəhrinə vardım, Əmir Hüseynin işini bitirdim. Təkrar Səmərqəndə döndüm. Əmir e’lan olundum. Qəmərəddinlə çarpışıb qalib gəldim; qızı Dilşad ağayı aldım. Xarəzmə girdim, qələlərini devirdim. Azərbaycan qucağıma atıldı, Kürdüstan təslim olaraq qurtuldu. Ermənistan və Gürcüstan xəracgüzarım oldu. Qaraqoyunlular isyan etdi, ayaq altında əzildi. Şah Mənsur tüğyan etdi, bir anda başı kəsildi. (Son dərəcə məğrur). Əvət bənim cihangiri dahi!.. Bənim hərb allahi!.. Masqaralarda istehzalı qəhqəhələr. N a z i m (şaşqın, ətrafa). Allah, allah! Y ı l d ı r ı m. Əvət, iştə Cücə bir dahi! Ə l i p a ş a. Daha doğrusu dahi bir Cücə. Y ı l d ı r ı m. Sonra... Daha sonra? C ü c ə. Bən devlətimi təhəmmül və mürüvvətlə idarə etdim. Xəlqi ümid ilə qorqu arasında tutdum. Bir çoq nifaqlara rast gəldim, əziyyət və möhnətlər çəkdim, acı sözlər vətöhmətlər eşitdim. Fəqət bəni tənqid edən şımarıq, qəlbi kor cahillərə əhəmiyyət belə vermədim. Yalnız çalışdım, təşəbbüs və fəaliyyətimlə hər kəsi susdurmağa müvəffəq oldum. Hər işdə vətəndaşlarımla müşavirə etdim. Xain və fitnəçi vükəlayı yanıma uğratmadım. Daima məiyyətimdə əsalət və nəcabət, əqil və kəyasət aradım. Daima ordu və rəiyyətin əhvalını eyiləşdirməyə çalışdım. Y ı l d ı r ı m. Ya şu tökdüyün qanlara, şu qopardığın tufanlara nə mə’na verəlim? C ü c ə. Bən həqq və ədalət nümayəndəsiyim. Əgər bir məmləkətdə zülm və istibdad güclənirsə, kənardan baqıb duramam. Xəlqin əmniyyəti için zülmün kökünü qazımaq və o məmləkəti uslandırmaq istərim. Iştə buna görədir ki, Xorasana girdim, bütün Iranı devirdim, Moskof tərəflərini sardım, Hindistana vardım. Əvət, bənim böyük Teymur... Bənim sarsılmaz imperator!.. Masqaralarda istehzalı qəhqəhələr. N a z i m (ətrafa). Allah, allah! Ə l i p a ş a. Dəhşət, dəhşət! M e l i ç a (qalqar). Artıq bən gediyorum. Y ı l d ı r ı m. Niçin? Cücənin sözləri səni qorqutdumu? M e l i ç a. Xayır! Lakin bu masqaralıqlardan içimə fənalıq gəliyor. Saydıqları yalan olsa belə, acı və dikənlidir. Y ı l d ı r ı m. (Cücəyə). Haydı, rədd ol, həmən şu biçimdə qiyafətini də dəyişdir. Cücə və arqadaşları məclisi tərk edərlər. Ə l i p a ş a. Aman, əfəndim! Cücə bu aqşam dəhşətdir, dəhşət! M e l i ç a (oturur). Bıraq, dəf’ olsun, insanın sinirlərinə doqunuyor. Y ı l d ı r ı m. Pəki, şimdi nə istərsiniz? Ə l i p a ş a. Müsaidə edilirsə, Şamdan gələn ərəb qızını, gözəl rəqqasəyi seyr edəlim. M e l i ç a. Bən də eşitdim, hənuz görmədim. Y ı l d ı r ı m. Nazim ağa! Şamlı qızı... N a z i m. Hazır! (Əyilir, çıqar). Ə l i p a ş a. Pək mədh ediyorlar. Ərəblərin rəqsləri də iqlimləri kibi atəşlidir. Y ı l d ı r ı m. Əvət, gerçəkdən pək atəşli. M e l i ç a (istehzalı təbəssümlə). Saqın, Paşa həzrətlərini yaqmasın! Doğrusu, pək şaşırıyorum. Sarayda serb və macar, rum və bolqar rəqqasələri dururkən bir də şamlı qızına nə ehtiyac vardı? Y ı l d ı r ı m. Sənət və gözəllik hər kəsin kəndi zevqilə ölçülür. Saray rəqqasələri başqa, şamlı qızı isə daha başqadır. Ə l i p a ş a. Əvət, gönül nəyi sevərsə, o, gözəldir. (Ərəb musiqisilə ərəb rəqsi başlanır, şamlı qızının gəldiyini görüncə.) İştə atəşli baqışlar! N a z i m (rəqs bitdikdə rəqqasənin süzülüb getdiyini görüncə kəndini alamıyaraq şaşqın və coşqun bir səslə.) Allah, allah! Bu nə məlahət! Bu nə lətafət! Y ı l d ı r ı m. (mültəfit olaraq gülər). Nə oluyorsun, yahu! Pəkmi xoşuna getdi? N a z i m (niyazkar). Aman, sultanım, qüsurə baqmayınız. M e l i ç a (yarımqəhqəhəylə). Zavallı adəta kəndindən keçmiş. Ə l i p a ş a. Nə yapsın? Iştə ərəb ruhu, ərəb zevqi! Yalnız o deyil, bən belə bayıldım. M e l i ç a. Ya, öyləmi? (Incə və nəş’əli qəhqəhədən sonra). Aman, doktor çağıralım. Y ı l d ı r ı m. Xayır, doktora hacət yoq, o getdiyi kibi Paşa həzrətləri ayıldı. Ə l i p a ş a. Əvət, gerçəkdən öylədir. (Meliça qalqır.) Nə oldu, niçin qalqdınız? M e l i ç a. Artıq gedirim. Y ı l d ı r ı m. Əli paşa da yeməkdə bərabər bulunacaq. M e l i ç a. Pək məmnun olurum. (Gedir). Ə l i p a ş a. Əfəndimizin şu dərin səmimiyyətləri, bana bəxtiyarlıqdan daha yüksək bir nəş’ə verir. Bu sırada C ü c ə hoplayaraq, mayallaq vuraraq əsil masqara qiyafətində girər. Y ı l d ı r ı m. Yenəmi sən? C ü c ə. Nə yapayım, məclis boş qalmaz a... Bu yerdən mələk çəkilincə şeytan girməli. Ə l i p a ş a. Əhsən, əhsən! Cücə bu aqşam dəhşətdir, dəhşət! Y ı l d ı r ı m. Haydı, al, mələyin içdiyi şu qədəhi yuvarla! C ü c ə (qədəhi alır). Yaşasın həşmətli Serb kralının həmşirəsi Meliça! (Şərabı burnunun üzərindən dökü verir.) Y ı l d ı r ı m. Nə yapıyorsun şaşqın hərif! Sən hənuz şərab içməsinidəmi öyrənəmədin? C ü c ə (Yıldırımı mə’nalı baqışlarla süzərək). Bən əşirətdən yetişmə bir çoban oğluyum. Nə etməli, şimdiyə qadar ancaq qımız və ayran içməsini öyrənə bildim. Y ı l d ı r ı m. (ətrafa). Acı bir kinayə! C ü c ə. Şu yaqınlarda bir serb qızı alacayım, iştə o zaman şərab içməsini də ondan öyrənirim. (Əli paşayı mə’nalı bir baqışla gözdən keçirir.) Hətta bir taqım siyasilər kibi, namaz qılarkən belə sərxoşluqdan vaz keçməm. Ə l i p a ş a (ətrafa). Ah, bəni təhqir ha? (Cücəyə, sinirli) Şımarıq hərif, sən artıq həddini aşıyorsun. Y ı l d ı r ı m. Zərər yoq, o bu gün pək nəş’əlidir, xatirini qırma! Yalnız səninlə deyil, bənimlə də əyləniyor (Cücəyə.) Bana baq, Cücə! Bənmi eyi hökmdarım, Teymurmu? C ü c ə. Aman verilirmi? Y ı l d ı r ı m. Söylə! C ü c ə (sırıtaraq Yıldırımın qucağına). O, dəlidir, sən də abdal! (Qəhqəhəylə gülər). Y ı l d ı r ı m. Sus, ədəbsiz! O halda sən nə olursun? C ü c ə (sədri-ə’zəmə işarətlə). Bən də sənin quyruğunun quyruğu... (Qəhqəhə) Y ı l d ı r ı m. Pəki, sənin quyruğun? C ü cə (Nazimi göstərir). Iştə! Seyr edə bilirsiniz. (Qəhqəhə) N a z i m (ətrafa). Allah, allah! Şu hərif çıldırmış. (Salonu tərk edər.) Y ı l d ı r ı m. Haydı, yetişir, dəf’ ol! Sən bu aqşam zəhərli bir dikən, sərsəm bir eşək arısı, quduz bir köpəksin. C ü c ə (bayılırcasına qəhqəhələr qoparır, əlilə qarşıdakı pərdəyi göstərir və açar). Əvət, bən zəhərli bir dikənim, iştə mayıs çiçəkləri! Bən bir eşək arısıyım, iştə serb və macar kələbəkləri! Bən quduz bir köpəyim, iştə rum və bolqar mələkləri! Qəhqəhələrlə çəkilir. Alafranqa musiqi başlanır. Rəqqasələr oynarlar. Rəqs bitdiyi sırada N a z i m a ğ a sür’ətli adımlarla gəlir, Yıldırımın qulağına bir-iki söz söylər. Y ı l d ı r ı m. (rəqqasələrə, hiddətlə). Kafi! (Qızlar çəkilir. Nazim ağaya). Bunları al da, söylə, hər üçünü gətirsinlər. Nazim kəndisini bəkləyən xidmətçilə bərabər dərhal işrət masasını alıb götürür. Ə l i p a ş a. Gələn kimdir əcəba? Y ı l d ı r ı m. Teymurun adamlarından üç nəfər casus yaqalamışlar. Ə l i p a ş a. Kim bilir, bəlkə casus deyil də əhli-namusdur. Y ı l d ı r ı m. Zənn etməm, hiç zənn etməm. (Qızğın.) Ah, azğın hərif, bir tərəfdən elçi göndəriyor, bir tərəfdən casus... Bu sırada iki silahlı y e n i ç ə r i mühafizəsi altında Orxan, O l q a və D ə m i r q a y a daxil olur. Y ı l d ı r ı m. Teymur casusları sizmisiniz? Or x a n . Əvət, öylə diyorlar. Y ı l d ı r ı m. Buraya niçin göndərildiniz? Or x a n . Göndərilmədik, kəndi arzumuzla gəldik. Y ı l d ı r ı m. Bu gəlişdən məqsəd? Or x a n . Məqsəd Topal Teymuru atmaq, ulu cultanı tutmaq. Y ı l d ı r ı m. Unutma ki, yalançıların cəzası ölümdür. Or x a n . Bizcə yalançılıq ləkəsi ölümdən daha çirkindir. Y ı l d ı r ı m. (Olqaya). Pəki, sən söylə, yavrum, Teymurdan niçin qaçdınız? Or x a n . Çünki Teymur xudkamdır. Y ı l d ı r ı m. Bıraq kəndisi söyləsin. Or x a n . O, dilsizdir. Y ı l d ı r ı m. (D ə m i r q a y aya). Adın nədir? D ə m i r q a y a (qalın səslə). D ə m i r q a y a. Y ı l d ı r ı m. Sən söylə baqalım, niçin gəldiniz? D ə m i r q a y a (laübali, Orxana işarətlə). Orxan gəl, dedi, gəldik. Y ı l d ı r ı m. Bir səbəb yoqmu ya? D ə m i r q a y a. Əlbəttə var, fəqət gizli bir səbəbdir. Y ı l d ı r ı m. (məraqlı). Gizli səbəbmi? O nə imiş? D ə m i r q a y a. Onu Orxan bilir. Nəmə lazım, bən qarışmam. Y ı l d ı r ı m. Ya! Qarışmazsın, öyləmi? Artıq anlaşıldı, əvət xəyanət. Cəllad, cəllad! (Nazim çıqarkən). Dün Teymurdan gələn elçi də hazır olsun, onun da boynu vurulmalı! Ə l i p a ş a. Aman, Sultanım, əcələ ediyorsunuz? Y ı l d ı r ı m. Xayır, həpsinin boynu vurulmalı! Artıq Topal həddini keçiyor. Ə l i p a ş a. Rica edərim, hiç elçi boynu vurulurmu? Y ı l d ı r ı m. (qızğın). Əvət vurulur, bən əmr edərsəm vurulur. Ə l i p a ş a. Hiç olmasa bu hökmün icrasını yarına bıraqmal. Y ı l d ı r ı m. (daha qızğın). Yetişir, iltimasa hacət yoq... Bu sırada N a z i m gəlir, c ə l l a d və i k i y e n i ç ə r i l ə bərabər S o b u t a y daxil olur. Y ı l d ı r ı m. (Sobutaya). Bana baq, bunları tanıyormusun? Doğru söylə, yoqsa ən yüngül cəza ölümdür. S o b u t a y. Sobutay nə yalan söylər, nə də ölümdən qorqar. Y ı l d ı r ı m. (sinirli və qızğın). Sözümə cəvab ver, bunları tanıyormusun? S o b u t a y. (kinli və əzəmətli bir baqışla Orxanı süzərək). Türküstanda tanırdım, fəqət osmanlı paytaxtında xayır... Y ı l d ı r ı m. Niçin? S o b u t a y. (Orxana işarətlə). Çünki şu hərif vətən xaini. Bunlar da onun kölgəsi... O l q a. (qalpağını qaldırır, saçları dağılır). Aman, Sultanım! Mərhəmət! Orxan xain deyil, yalnız Teymur gözündə ləkəlidir; çünki sizə qarşı məhəbbət bəslərdi, onunçün də Türküstanı tərk etdi. Or x a n . Olqa! Sən sus! Y ı l d ı r ı m. Şu qadın kimdir? Or x a n . Moskof tərəflərinə hücum edərkən ölümdən qurtardığım bir qızcığaz. S o b u t a y. (acı və istehzalı təbəssümlə). Daha doğrusu Teymur sarayını süsləyən bir çiçək və sənin qandırıb da uçurduğun şux bir kələbək... (Kəskin.) Lakin nerdə olursa olsun xəyanət cəzasız qalmaz. Y ı l d ı r ı m. (Sobutaya). Sən sus! (Yeniçərilərə.) Şunu kəndi odasına götürün. (Əli paşaya.) Dəminki məktubu da ver, Teymura götürsün. Sobutay verilən məktubu alır, yeniçərilərlə bərabər çıqar. Ə l i p a ş a. Artıq məsələ aydınlaşdı. Y ı l d ı r ı m. Xayır, daha var. (D ə m i r q a y aya.) Sən söylə! Dəmin gizli səbəb diyordun, o nə imiş? D ə m i r q a y a. Daha gizli bir şey qaldımı ya? (Olqaya işarətlə.) Zatən həpsini açıb dökdü. Y ı l d ı r ı m. Gizli səbəb yalnız onun dediklərimi? D ə m i r q a y a. Daha nə olacaq, hiç qadınla səfərə çıqılırmı? Nəmə lazım, kəndi işləri... Y ı l d ı r ı m. (qızğın). Nəmə lazım, nəmə lazım! Südəmər çocuqlar kibi iki sözdən fəzlə bir şey bilməz. (Cəllada.) Haydı, ilk öncə bunu dəf’ et. (Cəllad hazırlanır.) O l q a. Ah!.. Orxan (kəskin). Xayır. Bu həqsizlikdir. O dilsiz və düşüncəsiz bir zavallıdır. Əsil e’dam ediləcək bənim, bən... Y ı l d ı r ı m. Cəsarət səni məğrur ediyor (Cəllada.) Pəki, əvvəl onu susdur. O l q a. Aman, əfəndim, mərhəmət, mərhəmət! (Şiddətli ıçqırıqlarla ağlar, Sultanın ayaqlarına qapanır.) O r x a n (şiddətli və istehzalı qəhqəhələrlə gülərək). Zavallı qızcığaz! Sən həqli imişsin. Ah, Teymur, Teymur!.. Y ı l d ı r ı m. (vəzifəsini bitirmək istəyən cəllada). Dur, əl saqla! (Orxana). Niçin güldün, niçin Teymuru xatırladın? O r x a n . O bənim biləcəyim iş, sən yalnız e’dam etdirə bilirsin. Ə l i p a ş a. Xayır, bu səbəbsiz deyil. O l q a. (başını qaldırır. Göz yaşını silərək.) Ah, səbəbini bən söylərim. O r x a n Qalq! Hiç bir şeyə ehtiyac yoq. Söyləmək lazımsa kəndim söylərim. (Olqa qalqar). Y ı l d ı r ı m. Pəki, kəndin söylə! Şu qəhqəhələr niçindir, əcəba? O r x a n . Şu qəhqəhələr acı bir fəryaddan başqa bir şey deyil. Bütün dünya dəli Teymura səcdə edərkən, yalnız bən isyan etdim. Halbuki onun küçük bir təhqirinə dayansaydım, şimdi e’dama layiq görülməzdim. Sükut... Y ı l d ı r ı m. (mülayim). Bu sözlərin nə dərəcə doğru olduğunu bilmək istəməm. Bən hər ikinizi şu qızın göz yaşlarına bağışladım. O l q a. Ah, kölgəniz əskik olmasın. Ə l i p a ş a. Əvət, göz yaşları mə’sumiyyəti isbat için ən parlaq şahiddir... Or x a n . Lakin, bir rica etmək istərdik. Y ı l d ı r ı m. Söylə. Or x a n . Məsələ yalnız bağışlanmaqla bitmir. Biz artıq Teymur məmləkətinə dönəməyiz, sədaqətimizə qarşı şübhə edildiyindən təbii burada qalacağımız da şübhəli. Əgər müsaidə buyurulursa Mısır-Şam tərəflərinə keçəriz. Orda bizi himayə edənlər bulunur. Y ı l d ı r ı m. (məmnun təbəssümlərlə yerindən qalqar). Xayır, hiç bir yerə getməyəcəksiniz. Siz bənim oğlum, bu da qızımdır. Hər üçünüzün sədaqətinə şübhəm qalmadı. Haydı, Nazim ağa! Söylə, bir dairə ayırsınlar, misafirlərə ehtiram lazım. Nazim cəllad ilə bərabər çıqar. O r x a n (arqadaşlarilə bərabər əyilir). Təşəkkür edəriz. Y ı l d ı r ı m. Sədaqətiniz dərəcəsində mükafat görəcəksiniz. (Əli paşa ilə məclisi tərk edir). O r x a n (ətrafa). İştə ilk fəlakəti atladıq. O l q a. Ah, pək qorquyorum. Sobutay Səmərqənddə işlərin üstünü açacaq. Teymurun qəhrü qəzəbi bəla yıldırımı kibi üzərimizdə patlayacaq. Ah, o bəni niçin gördü? O r x a n . Hiç məraq etmə, bən Sobutayı görürüm.. O pək nəcib qəhrəman. Kimsəyə bir şey söyləməz. Hətta Teymur duysa belə əhəmiyyət verməz. D ə m i r q a y a (bir tərəfdə). Nəmə lazım, bən qarışmam. Ölürlər ölürüm, qalırlar qalırım. O l q a. (Saqsıda gördüyü yeşil fidancığazı göstərir). Ah, o nə xoş, nə təravətli gül fidanı. Or x a n . İştə həmişəbahar gülü, baq, hənuz yeni-yeni qönçə verməyə başlıyor. O l q a. Əvət, pək gözəl... O r x a n . Bir gün gəlir ki, şu yeni qönçələr açar, bizim arzularımız da onunla bərabər çiçəklənməyə başlar. N a z i m (gəlir, əyilir). Buyursunlar. (Önlərincə gedər). O r x a n . Gedəlim. (Nazimi göstərir.) İştə bu gecə qiyafətli məxluq bizi uğurlu və parlaq bir sabaha də’vət edir. (Gedirlər). Pərdə * * * Dördüncü pərdə Eyni səhnə... Gündüz... Qarşıki böyük pəncərədən saray bağçasını süsləyən yeşil ağaclar, rəngarəng çiçəklər nəzərləri oqşar. Salona qonmuş saqsıdakı fidanın dal budaqları əvvəlkinə görə daha böyümüş və tam mə’nasilə açılmış gülləri aradan bir xeyli zaman keçdiyini xatırlatır. Orxan bir tərəfdə əski osmanlı yavərləri qıyafətində olaraq əli alnında düşünür. O l q a. (saray xanımlarına məxsus bir qiyafədə gəlir. Orxanı bir qədər süzərək). Orxan! O r x a n . Sənmisin, Olqa? O l q a. Nə düşünüyorsun, mane oldum, deyilmi? O r x a n . Xayır... O l q a. Niçin böylə dalıb gediyorsun? O r x a n (gül fidanını göstərir). İştə hər tərəfə gözəl qoqu və nur saçan şu gülləri görüyormusun? Baq, nə qadar dəyişmiş. Bunlar bir zaman yemyeşil tumurcuq halında idilər. O l q a. Əvət, xatırlıyorum, casus deyə tam bizi yaqaladıqları gecəydi. O r x a n . Bən o gecə, açmamış qönçələri gönlümüzdəki arzulara bənzətmişdim, deyilmi? İştə bu gün bütün istədiklərimiz yerini buluyor, onlar kibi çiçəklənməyə başlıyor. O l q a. Pəki, o halda bu düşüncələr nə? O r x a n . Olqa! Biz artıq burayı tərk etməliyiz. O l q a. Niçin? Halbuki burada səadət var. O r x a n . Xayır, bil’əkis səadət bizi başqa aləmdə gözlüyor. O l q a. Fikrini hiç anlıyamıyorum. Sən Yıldırım kibi böyük bir padşah sarayında... Kəndin də ən sevgili yavərlərdən birisin. Daha nə istiyorsun? (Gül fidanına yaqlaşır, qoqlamağa başlar.) O r x a n (ətrafa). Ah, Teymur ordusu tərəfindən Sivas qələsi altüst edilmiş, Yıldırımın oğlu öldürülmüş... Daha burda durulurmu? O l q a. Orxan! Səndə bir sirr var; hər ay gizli məktublar yazıyorsun, əcəba onlar kimə və nerəyə? O r x a n . Sonra anlarsın, şimdi çabuq hazırlan! Nə olursa-olsun buradan çıqmalıyız. O l q a. (təlaş ilə). Allah eşqinə, nə olmuş, Yıldırımdan bir fənalıqmı gördün? O r x a n . Xayır. Fəqət bir taqım padşahlar, hələ Yıldırım kibi sərxoşlar o dərəcə qorqunc ki, əsla inanılmaz. Əvət, kəndi qardaşını vəhşicə parçalatan bir hökmdar, yarın ufaq bir bəhanə ilə bizə də qızar, bizim də qanımızı döktürür. O l q a. Bən şu şübhələrə hiç bir mə’na verəmiyorum. Or x a n . Dedim ya, sonra anlarsın. Hazırlan, ehtiyat için bir çarşaf da al, yolda lazım olur. O l q a. Pəki, lakin... O r x a n . Sus, iştə gələn var. O l q a. (baqar). Əvət, sultanın hərəmi Meliça. (Məmnun təbəssümlərlə o gələn tərəfə doğru yürür.) O r x a n (yalnız). Vəzifə hər şeydən müqəddəsdir. Artıq sırası gəldi, Teymur mütləq hücuma başlayacaq. M e l i ç a (Olqa ilə bərabər gəlir). Ah, Olqa, Olqa! Sizin bana munis olmanız, bilsən nə qadar gönlümü açıyor. O l q a. Fəqət bən... Bənim gönlümdəki sevinc daha böyük, daha dərindir. M e l i ç a. Sən nə qadar nəcib isən (Orxana işarətlə), yoldaşın da bir o qadar qəhrəman və nəzakətlidir. O r x a n . Təşəkkür edərim. M e l i ç a (ətrafa diqqətlə). Iştə Yıldırım. Aman nə qadar halı pərişan... O l q a. Əvət, bu günlər əfəndimiz pək düşünüyor. O r x a n . Nasıl düşünməsin?! Hiç Teymur ordusunun qabalığı çəkilir şeymi? Y ı l d ı r ı m. (gəlir, tə’zim edərlər. Yanındakı Nazim ağaya). Əli paşa nerdə? Çabuq buraya çağır. (Nazim əyilir çıqar. Yıldırım sinirli). Ah, Teymur! Teymur! Bən sənin bu dərəcə sayğısız olduğuna inanmazdım. (Daha qızğın). Lağımlar vasitəsilə kərastələri tutuşdurmaq, Sivas kibi bir qələyi yandırıb havaya savurmaq sənin həddinmi? Ah, əsirlərin, qələ mühafizələrinin qafasını kəsdirməkmi? Ərtoğrul kibi bir evladı əlimdən almaqmı? Nə böyük cəsarət! Xayır, xayır... Bu dikənli zərbə, bu acı təhqir əsla unutulmaz. Ah, duyğusuz cəllad. O r x a n . Ehtimal ki, bu hərəkət onu saymadığın için bir ixtar, tə’bir caizsə bir guşmaldır. Bu sırada uzaqda aşiqanə bir ahənglə çoban qavalı-düdüyü çalınmağa başlar. Y ı l d ı r ı m. (çılğın). Nasıl? Bir ixtarmı, bir guşmalmı? Ah, nələr, eşidiyorum! O r x a n . Əvət, ixlas və sədaqətim şu acı həqiqəti söyləməyə bəni məcbur ediyor. Y ı l d ı r ı m. Bən üzərimə gələn qocaman Səlib ordularını qəhr etdim. Fransa və Almaniya cəngavərlərini püskürtdüm. Lehistan, Avstriya və Italiya əskərlərini bir hücumda əzdim. Hətta qorqusuz Jan kibi məşhur bir qəhrəmanı belə hiçə saydım. Şimdi Teymur kibi bir sərsərimi bəni qorqutacaq? Ah, kor olsun fələyin gözləri. Gör kimlər bana meydan oquyor. M e l i ç a. Aman, xaqanım! Kəndinizi pək üzüyorsunuz, vücudunuz bir qadar istirahətə möhtac. Y ı l d ı r ı m. İstirahətmi!? Zəhərli dırnaqlar qəlbimi parçalarkən istirahətmi? (Çılğın). Ah, canavar! (Meliçaya.) Bizi yalnız bıraq. (Meliça Olqa ilə bərabər çəkilmək istərkən.) Söylə o çobanı susdursunlar. M e l i ç a. Pəki. (Getmək istər.) Y ı l d ı r ı m. İstəməz, bıraq çalsın. M e l i ç a. Pəki... (Salonu tərk edərlər.) Y ı l d ı r ı m. (pəncərəyə yaqlaşır, çobanı dinlər. Həzin və yaralı bir ah çəkərək.) Çal!.. Çal!.. Əvət, bəxtiyar çoban, çal!.. Nə Sivas kibi şəhrin əlindən getmiş, nə də Ərtoğrul kibi oğlun... Əlipaşa gəlir, düdük susar. Ə l i p a ş a (yapma bir təlaş ilə). Əfəndimizi bir qadar kefsiz görüyorum... Y ı l d ı r ı m. (acı təbəssümlə). Əvət, kefli vəzirlərin sultanı daima kefsiz olur. Ə l i p a ş a. Hər halda şevkətli xaqanın mərhəməti çakərlərinin qüsurundan daha böyükdür. Y ı l d ı r ı m. Bana baq, sən Sivas vəq’əsinə nə dersin? Ə l i p a ş a. Yalnız çocuqca bir təcrübə. Mə’nasız bir təcrübə... Y ı l d ı r ı m. (qızğın.) Açıq söylə, nasıl mə’nasız?.. Ə l i p a ş a. Çünki Teymur Sivas qələsinə təcavüz etməklə bərabər müharibəyi uzatmaqdan çəkinmiş... Görünür ki, əskərlərimizin şücaətini görmüş, eyicə bir dərs almış. Cəsarəti olsaydı, Sivası bıraqıb da Mısır-Şam tərəflərinə keçməzdi. Y ı l d ı r ı m. Sən sərxoşsun, bu gün-yarın Mısırı da alt-üst edər, Şamı da. O r x a n . Zatən etmiş. Y ı l d ı r ı m. Ah, nə söylüyorsun? O r x a n . Hətta geri belə dönmüş və Aras çayını keçib Azərbaycana daxil olmuş. Əvət, o şimdi Qarabağın sərin yaylalarında, otluçiçəkli ovalarında istirahət və şənliyə məşğuldur. Ə l i p a ş a (müztərib, ətrafa). Ah, dəhşət, dəhşət!.. Y ı l d ı r ı m. (Əli paşaya). Pəki, bu xəbəri sən niçin şimdiyə qadar bana söyləmədin? Ə l i p a ş a. Çünki həm xəstəsiniz, həm də əhəmiyyətsiz bir şey... Y ı l d ı r ı m. (pək həyəcanlı və qızğın). Nasıl!? Əhəmiyyətsizmi?! Xayır-xayır. Hiç də öylə deyil. Sən Teymura qarşı Mısır-Şam hökumətlərilə ittifaq yapacağına, Bursa meyxanəçilərinə şərab ısmarlamağa məşğul olmuşsun. N a z i m (gəlir, əyilir). Şeyx Buxari həzrətləri. Y ı l d ı r ı m. Gəlsin. (Nazim çıqar, Yıldırım ətrafa). Şeyx fazil və möhtərəm bir zat. Onun bu gəlişi hiç də mə’nasız deyil. Ş e y x B u x a r i (köylü bir qadınla daxil olur. Tə’zimdən sonra). Əfv edərsiniz, əfəndim, cəsarət ediyorum. Lütfən şu köylü qadını dinləyin. Anadolunun şu yoqsul anasına qulaq verin də, görün nələr söylüyor. Y ı l d ı r ı m. (qadına). Söylə! Q a d ı n. Qocamla oğlum xaç qavğasında öldü, ah, ölürkən yüzlərini görmədim, məzarlarına belə həsrət qaldım. Bəni yaşatan ancaq bir təsəlliydi; onlar vətən uğrunda şəhid olmuşlardı. Y ı l d ı r ı m. Dərdin nədir, onu söylə?! Q a d ı n. Yetişmiş bir qızım vardı, adı Lalə idi, onu yaşatmaq için hər zəhmətə qatlanırdım. Tarlamızı sürərkən bir tərəfdən alaca öküzü, bir tərəfdən də kəndimi qoşaraq heyvanla bərabər çalışıyordum. Laləciyimə, bir danəcik yavruma yeyəcək-geyəcək tədarik ediyordum. Y ı l d ı r ı m. (azacıq sərt). Sonra? Q a d ı n (həyəcanlı). Sonra azğın yeniçərilər, sənin o qaba və sərxoş əskərlərin öküzümü aldılar. Bıraqmaq istəmədim, incitdilər. Yalvardım, döydülər. Bən hiç... Əvət bən hiç... (Yaralı fəryad ilə.) Qızım! Ah, yavrum! Canavarlar yardımsız bir quzuya hücum edər kibi onu sardılar, ağlamasına, çırpınmasına baqmadılar, cəllad kibi alıb götürdülər. (Çılğınca.) Ah, Laləciyim! Ah, yavrum. (Yıldırımın ayaqlarına qapanır). Y ı l d ı r ı m. (son dərəcə qızğın). Cəvab ver, Əli paşa cəvab ver! Q a d ı n (çılğın). Ah, sərxoşlar! Canavarlar! Ş e y x B u x a r i (ətrafa). Sərxoş bir amirin məmurları da ancaq sərxoş olur. Y ı l d ı r ı m. (kəskin). Bulunsun, şu qadının qızı bu saət bulunsun! Or x a n . Gəliniz, validə. Q a d ı n (göz yaşını silərək). Ah, yavrum... mələk yavrum! (Təkrar hıçqırıqlarla ağlar). Or x a n . Gəliniz, xəyanət cəzasız qalmaz. (Qadınla bərabər çıqar). Ş e y x B u x a r i (ətrafa). Zavallı qadın! Bilməz ki, yalvardığı padşahın içdiyi şərablar, yalnız yoqsul köylünün dökülən al qanlarından, qanlı göz yaşlarından tədarik olunur. N a z i m (gəlir, əyilir). Teymur elçisi! Y ı l d ı r ı m. Gəlsin! (Sinirli). Yenəmi elçi! Yenəmi Teymur elçisi! S o b u t a y. (yazlıq əlbisədə gəlir, əyilir, məktubu verir). Y ı l d ı r ı m. (Əli paşaya). Al, oqu! (Sobutaya) Bu məktub nerdə yazılmış? S o b u t a y. Azərbaycanda, Qarabağ yaylasında... Y ı l d ı r ı m. Çıq bəklə, cəvabını şimdi alırsın. S o b u t a y. İtaət! (Əyilir, çıqar). Ə l i p a ş a (qısa bir mütaliədən sonra, heyrətlə ətrafa). Dəhşət, dəhşət! Y ı l d ı r ı m. Nə yazyor, şimdi nə yazıyor? Ə l i p a ş a (oqur). Tanrı qulu Teymurdan Sultani-Rum Yıldırım Bayazidə. Y ı l d ı r ı m. Uzun laf istəməm, yalnız məktubun məalını söylə! Ə l i p a ş a. Yazıyor ki, bən sizi bir türk xaqanı olaraq sayarım və zatınıza qarşı hörmət bəslərim, fəqət siz bəni saymazsanız aramız soğuyar və bu soğuqluğun nəticəsi pək acı olur. Orxan gəlir. Y ı l d ı r ı m. Sonra? Sonra? Ə l i p a ş a (yarımbaqışla məktubu süzərək). İştə bu bənim son məktubum və son təklifimdir. Qaraqoyunlu əmiri Qara Yusif ordan uzaqlaşmalı... Şahzadələrinizdən biri mə’murən yanıma göndərilməli. Bən ona evlat kibi baqacağımı şimdidən və’d eylərim, fəqət məktubuma müvafiq cəvab gəlməzsə, hücum edəcəyim şübhəsizdir. Ona görə də hazırlanmanızı ixtar edərim. Y ı l d ı r ı m. Müharibəmi? Ah, müharibəmi? (Acı qəhqəhəylə.) Gör bizi nə ilə qorqutuyor. Zavallı Topal! Görünüyor ki, qarşısındakını unutuyor. (Pək qızğın). Xayır, onun cəvabı müharibədən başqa bir şey deyil. Ş e y x B u x a r i. Zənnimcə qəzəb və hiddət əfəndimizi yanlış mühakimələrə sevq ediyor. Teymur da sizin qadar qəhrəman, sizing qadar cəsur və sarsılmaz bir hökmdar... Boş yerə türk evladının qanını dökdürməyin və ətrafınızı saran düşmanları kəndi fəlakətinizə güldürməyin. Y ı l d ı r ı m. Xayır, mirim! Bən şimdiyə qadar sənin acı nəsihətlərini dinlədim. Əfsus ki, bundan sonra dinləmiyəcəyim, çünki şu məktubun məalı təhqirlərin ən acısıdır. Ş e y x B u x a r i. Əvət, biliyorum acıdır, hətta bənim sözlərim ondan da acıdır. Fəqət onunla çarpışacağına, kəndi nəfsinlə mübarizə et. Cəsarət ediyorum, mümkünsərəqqasələrə uyma! Serbistan prensesi nüfuzuna qapılma! Və sərxoş vəzirlərə alət olma! Ə l i p a ş a (ətrafa). Ah, bu nə həzyan? Y ı l d ı r ı m. Əvət, şeyxim! Acı da olsa, sözlərində bir həqiqət var. Lakin Teymura qarşı susmaq əsla əlimdən gəlməz. Çünki o bəni tanımıyor, yaxud tanımaq istəmiyor. Hər halda bən kəndimi ona tanıtmalıyım. Əli paşa cəvab yaz. Əli paşa kağız-qələm hazırlar. Orxan (tə’zim ilə). Müsaidə buyurulursa, bən də iki söz söyləmək istərim. Y ı l d ı r ı m. Söylə! Or x a n . Əfəndimizin iradəsi əlbəttə bir həqiqətdir. Şeyx həzrətlərinin tevsiyəsi isə daha xeyirxahanə bir məsləhətdir. Y ı l d ı r ı m. Bən həpsini düşünüyorum, artıq bizimki məsləhətdən keçmiş. (Qızğın). Cəvab yaz! Ə l i p a ş a. Əmrinizə müntəzirim. Y ı l d ı r ı m. Yıldırım Bayaziddən kəlbi-əqur Teymura! M ə c l i s d ə k i l ə r (heyrət və dəhşətlə ətrafa). Nasıl? Kəlbiəqurmu?! Y ı l d ı r ı m. Yazdınmı? Kəlbi-əqur Teymura. Ə l i p a ş a. Əvət, kəlbi-əqur Teymura. Y ı l d ı r ı m. Yaz, müharibəmiz müharibədir. Hər kim sözündən qaçarsa, qadını üç təlaq ilə boş olsun. Ə l i p a ş a (yazır, ətrafa). Ah, fəlakət! Dəhşət! Y ı l d ı r ı m. Ötəsini kəndin bilirsin, iştə bənim deyəcəyim şu! Ş e y x B u x a r i (müztərib və həyəcanlı). Əfəndim! Əfəndim, müsaidə buyurun. Bu cəvab adabi-münazirəyə əsla müvafiq deyil. Həm də hiç bir hüsni-tə’vil qəbul etməz. Əvət, bu bir xəta, bu bir təcavüz ki, hiç bir hökmdarın şanına yaqışmaz. Y ı l d ı r ı m. Artıq yetişir, rica edərim, kimsə qarışmasın. Ş e y x B u x a r i (yerindən qalqar, getmək istər). Pəki, sultanım, qarışmam, lakin şu cəvabınızla böyük bir məs’uliyyəti-tarixiyyə altında qalacaqsınız. Bana müsaidə... Y ı l d ı r ı m. Buyura bilirsiniz. (Şeyx Buxari çıqar. Yıldırım istehzalı təbəssümlə qafasını oynatır.) Əvət, bu məktubla Yıldırım böyük bir məs’uliyyət bir məs’uliyyətitarixiyyə altında qalacaqmış!.. O r x a n . Hər halda Şeyx bədxah bir şəxs deyil. Y ı l d ı r ı m. Nə olursa-olsun, bənim iradəm qətidir. (Qalqar). Bana baq, Orxan! Sən bu vəqtə qadar bizdən hörmət və məhəbbət gördün... və o sayədə Anadoluda yaşayan tatar-türkmən qəbilələrinə böyük nüfuzun var. O r x a n . Əfəndimizin lütfündən. Y ı l d ı r ı m. Iştə onlara icrayi-tə’sir etməli. Yarın orduya səfərbərlik əmr edəcəyim. Baqalım Teymur bizə qarşı nə yapar? Fəqət saqın, vəzifəndə müsamihə etmə! (Çıqmaq üzrə bir neçə adım yürür). O r x a n . Bəncə vəzifə hər şeydən müqəddəsdir. Amirim uğrunda başdan keçməyə hazırım. Y ı l d ı r ı m. Haydı, arslanım, iş başına! Unutma ki, səni daha böyük rütbələr bəkliyor. Əli paşa! Sən də məktubu elçiyə ver, bəndən son hədiyyə olaraq Teymura götürsün. Ə l i p a ş a. Baş üstünə! Ç ı q a r l a r. O r x a n (yalnız). Ah, Teymur, kəlbi-əqur! (Acı və istehzalı qəhqəhəylə). Əvət, daima sərxoşların təsəllisi həzyan, aciz və zəiflərin silahıisə söyüş və qarğışdır. (Yıldırımın getdiyi tərəfə kinli və qızğın). Fəqət, ey məğrur və əyyaş sultan! Əmin ol ki, yarın, əvət yarın o qoca qəhrəmanın dəmir pəncəsində bir yılan kibi qıvrılacaqsın. Həm də umulmaz bir məğlubiyyətlə zəbun və pərişan olacaqsın. Pərdə * * * Beşinci pərdə Anqara ovası, Teymur çadırı... Gündüz. Çadırın önündə qalın gevdəli, gürbüz, yaylıoqluiki nəfər növbət bəkliyərək qonuşurlar. B i r i n c i n ö v b ə t ç i . Yahu bütün dünya çarpışıb vuruşmaqdan yoruldu da, şu Topal bir dürlü yorulmaq bilmiyor. İ k i n c i n ö v b ə t ç i . Yenə şikayətmi? Nə çabuq usandın, əzizim?! B i r i n c i n ö v b ə t ç i . Mısır və Şamda dökdüyümüz qanlar hənuz qurumamış. Şimdi də Anqara qavğası, Anqara bəlası!.. Nə demək? Beş gün rahatlanmaq yoqmu ya? İ k i n c i n ö v b ə t ç i . Pəki, Qarabağın çiçəkli ovalarında, Azərbaycanın o cənnət qadar gözəl ruhlu bir guşəsində sürdüyün zevq və səfalar yetişmədimi? B i r i n c i n ö v b ə t ç i . Nə demək! Biri üç ay yaşayışdan zevq alırsa, altı ay da hərb etməlimi? İ k i n c i n ö v b ə t ç i . Şuna baq, müharibə kəndisi də bir zevq deyilmi ya? B i r i n c i n ö v b ə t ç i . Bıraq Allahı sevərsin. (Bir neçə adım aqsayaraq yürür.) Şam ətrafında vuruşurkən ayağıma bir ox dəydi də hala aqsıyorum, hala gecələr ağrıdan uyuyamıyorum. İ k i n c i n ö v b ə t ç i (gülərək). Zərər yoq, saf mal sahibinə bənzər. Teymur da aqsaqdır, sən də... Yalnız aranızda bir fərq var ki, sən qarğasan, o qaraquş... B i r i n c i n ö v b ə t ç i (qızğın). Sus bə, sərsəm hərif! İ k i n c i n ö v b ə t ç i . Pək gözəl, o qarğa olsun, sən qaraquş. B i r i n c i n ö v b ə t ç i . Xayır, onu da istəməm. İ k i n c i n ö v b ə t ç i . Pəki, o halda nə istərsin? B i r i n c i n ö v b ə t ç i . Nə istəyəcəyim, baq şu Anqara müharibəsi bənim hiç xoşuma getmiyor. Nə var, nə yoq, Teymur Yıldırımı yenəcəkmiş... Pəki, bənim xeyrim nə olur? Mısırda, Şamda hiç olmazsa əlimizə paradan-maldan bir şey keçdi. Burda qalib gəlirsək. (Əlini avucuna vuraraq.) Söylə, baqayım, şu avcuma nə girəcək? Anqaranın quru, boş səhrasımı? İ k i n c i n ö v b ə t ç i (istehzalı qəhqəhəylə). Vay, yəhudi dəllalı, vay! Sən müharibəyə yəğma içinmi gəldin? B i r i n c i n ö v b ə t ç i . Nə demək! Topal ad qazansın da arada bənim canım getsin, öyləmi? İ k i n c i n ö v b ə t ç i . Sus, artıq yetişir; şu sözlər bir türkə yaraşmadığı kibi, bir əskərə hiç yaraşmaz. B i r i n c i n ö v b ə t ç i . Nə demək? Sanki əskər insan deyilmi ya? (Sinirli). Əvət, nədemək! Ölüb-öldürən biz, gülüb-əylənən onlar! Çarpışıb-vuruşan biz, ad-san qazanan onlar! Ac-çıplaq qalan biz, zevqü səfayə dalan yenə onlar! İ k i n c i n ö v b ə t ç i (gülərək). Yahu, sayıqlıyormusun, onlar kimdir, əcəba? B i r i n c i n ö v b ə t ç i . Onlar, iştə saraylarda keyf sürən azğın padşahlar, dəli xaqanlar... Sərvət və səadət içində gülümsəyən qurnaz vəzirlər, yaramaz vəkillər... Eyşü nuş ilə vəqt keçirən hoppa şahzadələr, çılğın dərəbəylər... İ k i n c i n ö v b ə t ç i (məğrur qəhqəhəylə). Anlaşıldı, əvət anlaşıldı. Bu düşüncələr həp qorqaqlıqdan iləri gəliyor. (Əlilə onun omuzuna vuraraq.) Bana baq, hiç məraq etmə, bu gün-yarın Yıldırım basılır, yenə Səmərqəndə dönəriz. B i r i n c i n ö v b ə t ç i . Xayır, bu qavğadan gözüm hiç su içmiyor. Yıldırımı pək qəhrəman diyorlar. İ k i n c i n ö v b ə t ç i . Əcəba, onun nəsi qəhrəman imiş? B i r i n c i n ö v b ə t ç i . Nə demək! İştə qaç gündür yüz-yüzə duruyoruz. Hərif müharibəyi bıraqıb da şikara çıqmış. Pəki, bundan nə çıqar? Demək o qadar məğrur ki, bizi saymaq belə istəmiyor. İ k i n c i n ö v b ə t ç i . Zərər yoq, o bizi saymazsa biz onu sayarız. (Boru səsi eşidilir.) İştə Əmir gəliyor. (Baqar, heyrətlə). O nə? Sanki yüz-gözündən atəş saçılıyor. T e y m u r müharibəyə məxsus qiyafətdə gəlir. D i v a n b ə y i, ş a i r K i r m a n i və A q b u ğ a onu izlər. T e y m u r. (son dərəcə kinli və qızğın bir ahənglə). Teymur - kəlbi-əqur! Teymur - kəlbi-əqur! Öyləmi, ah, öyləmi? 295 Ş a i r. Ehtimal sərxoş imiş. Yoqsa qoca bir sultanın ağzından öylə söz çıqmaz. D i v a n b ə y i. Əvət, ehtimal ki, sərsəm və xasta imiş, yoqsa şu hədyan əqli başında olan bir zata yaraşmaz. T e y m u r. (çılğın). Əvət, ehtimal ki! Ehtimal ki?! Lakin bana da Turğay oğlu Teymur derlər. Onu sərxoşluqdan ayıltmaq, sayğısız qafasını uslandırmaq pək qolay... Ah, Yıldırım, Yıldırım! Nə qadar dəhşətli olsan, Hindistanda avladığım qaplanlardan müdhiş deyilsin. Ş a i r. (ətrafa). Əvət, qaplan yırtıcıların ən vəhşisidir, fəqət qaplanları parçalayacaq daha böyük vəhşilər var ki, o da insanlardır. T e y m u r. Qaraqoyunlu əşirəti Isfahan civarında bizə şəbxun yapdılar, əskərlərimdən üç bin kişi öldürdülər. Kəllələrdən qüllələr yapdırdım. Zərər yoq, bir az sonra Yıldırım da bəni tanır. (Pək kinli və sinirli).. Ah, kəlbi-əqur! Kəlbi-əqur! Nə həzyan... nə cəsarət!.. Ş a i r. Əfsus ki, cəsurların həzyanı, həzyançıların cəsarəti qadar gülünc və mə’nasızdır. T e y m u r. O həzyanlar hiç... hərifdəki azğınlığa baq ki, şimdi də bəni saymıyor, hərbə girişəcəyinə şikarə çıqıyor. A q b u ğ a (istehzalı təbəssümlə). Əvət, gerçəkdən pək sayğısız... pək məğrur... Ş a i r. Fəqət məğrurlar pək çabuq sərnigun olur. S o b u t a y sür’ətli adımlarla gəlir, əyilir. T e y m u r. Nə var, Sobutay? S o b u t a y. Böyük xaqanın əmrilə ava çıxan on beş min nəfər Yıldırım əskəri bizimkilər tərəfindən ortaya alınmış və bir saldırışda həpsi əzilib dağılmış. T e y m u r. Yıldırımdan nə xəbər? S o b u t a y. Yalnız Yıldırım qəhrəmanca bir çevikliklə aradan çıqmış və beş-on nəfər məiyyətilə qaçıb qurtulmuş. T e y m u r. Bən qəhrəmanları pək sevərim. S o b u t a y. Bir də Yıldırım şikarda ikən su yollarını da kəsdik, təbii ordu susuz qalınca daha çabuq təslim olur. T e y m u r. Pək gözəl tədbir. Bunu kim düşündü? S o b u t a y. (Aqbuğayı göstərir). Böyük sərdar Aqbuğa. T e y m u r. Zatən hərb zamanı hiylə də müvəffəqiyyət vasitələrindən biridir. Ş a i r. (ətrafa). Bən yalnız Kərbəladakı ərəb Şimirini tanırdım, məgərsə türkdən dəŞimir çıqarmış! T e y m u r. Aqbuğa! Daha durmaq lazım deyil, ordu hücuma keçməli. Saqın Yıldırımı yaralamasınlar. Ona söyləyəcək sözlərim var. Yigid Sobutay! Sən də qafil olma! Hər kim onu diri yaqalarsa, kəndisini böyük mükafat bəkliyor. A q b u ğ a. Xətti-hərəkətimiz nə yolda olacaq? T e y m u r. Onların sağ cinahı açıqdır. İştə oradan bizim sol cinah mərkəzi əhatə etməli. Onların sol cinahı isə pək zəif. Əminəm ki, bizə qarşı duramayıb çabuq pozulur. Haydı, arslanım! Cəsarət və mətanət!.. Aqbuğa və Sobutay əskərcə təmənna edər, sür’ətli adımlarla gedərlər. Ş a i r. (ətrafa). Qardaş qardaş qanı içiyor. Iştə siyasət və rəyasət bəlası! T e y m u r. Orxan gəlmədi, bu bəni pək düşündürüyor. Hər halda o, bu gün bizim tərəfə keçməliydi. D i v a n b ə y i. Kim bilir, bəlkə keçmiş də bizimkilər tərəfindən yaqalanmış... T e y m u r. Hər tərəfə buyruq ver, ona ilişməsinlər. (Şair Kirmaniyə). Gəl, baqalım, şair! Sən də bir tərəfdə seyr et, müharibəyi yaqından tamaşa etmənin zevqi daha başqadır. (Gedərlər.) E l m a s şaşqın və müztərib adımlarla gəlir. Teymur getdiyi tərəfə baqar. E l m a s (ətrafa). Orxan, ax, Orxan! Sən Elması unutdun, fəqət Elmas səni görmək için hərb səhnələrində dolaşır. (Teymur getdiyi yolu izlər). B i r i n c i n ö v b ə t ç i (arqadaşına). Bu Divan bəyi qızı da pək tuhaf. Səmərqəndin gözəl köşklərini bıraqıb da Anqara çöllərindən nə istiyor, bilməm ki? İ k i n c i n ö v b ə t ç i . Səncə qavğa meydanı yalnız erkəklərə məxsusmu? B i r i n c i n ö v b ə t ç i (istehzalı qəhqəhəylə). Nə demək! O da mı qavğa etməyə gəlmiş? İ k i n c i n ö v b ə t ç i . Gülərsən ya... Hiç atalardan eşitmədinmi?! Çingizin anası bir qadın ola-ola at belinə bindi. Bütün qomşu ölkələri sıqışdırdı və qocaman bir səltənət qurdu. B i r i n c i n ö v b ə t ç i . Nə demək, bu da Çingizin anasımı? İ k i n c i n ö v b ə t ç i . Nə fərqi var, qadın qadındır. Bu da o cinsdən, bu da o nəsildən. Arslanın erkəyi, dişisi olur? B i r i n c i n ö v b ə t ç i . Fəqət bana qalırsa, öydüyün şu dişi arslan müharibə için deyil, başqa bir av için gəlmiş olmalı... (Yola baqar.) Gözün aydın, iştə D ə m i r q a y a gəliyor. İ k i n c i n ö v b ə t ç i . O ki, Orxanla bərabər Yıldırım yanına qaçmışdı. B i r i n c i n ö v b ə t ç i . Nə demək! Orada yaşamamışlar da geri dönmüşlər. E l m a s (Dəmirqaya ilə gəlir). Allah eşqinə söylə, Orxan nə oldu? Nerdə qaldı? D ə m i r q a y a (qalın və yonulmamış səslə). Onun yanında... E l m a s. O kimdir? D ə m i r q a y a. Kim olur-olsun, nəmə lazım, bən qarışmam. E l m a s. Ah, nasıl?! Orxan gəlmədimi? Səninlə bərabər deyilmi? D ə m i r q a y a. Hiç Teymurun qorqusundan gələ bilirmi? Moskof qızını qaçırıb da Topala görünə bilirmi? E l m a s. Yoq, Teymur onu bağışlar. D ə m i r q a y a. Zənn etməm, hiç zənn etməm. E l m a s. Sus, Allah eşqinə sus! Bütün qanım başıma toplanıyor, beynim alevlər içində yanıyor. Demək o buraya gəlmiyəcək, öyləmi? D ə m i r q a y a. Bən ki onun qəyyumu deyilim, istər gəlsin, istər gəlməsin. Nəmə lazım, bən qarışmam. E l m a s. Nasıl olursa-olsun bəni Orxanın yanına götür. D ə m i r q a y a. Dedim ya, bən qarışmam. E l m a s (ətrafa). Aman, ya Rəbbi. Şu hərifin qəlbi daşdanmı yapılmış. (Dəmirqayaya) Bən buraya yalnız Orxan için gəldim. Nerdə olsa onu bulmalıyım. D ə m i r q a y a. Acım, bir az yemək yeyəlim də, sonra... E l m a s. Zərər yoq, gəl ye-iç, saqın, yaqanı bıraqacaq deyilim. D ə m i r q a y a. Nəmə lazım, hiç bıraqma! (Gedərlər). Bu sırada kənardan boru və çarpışma səsləri eşidilir. B i r i n c i n ö v b ə t ç i . Demək müharibə qızışdı, iştə çarpışıb vuruşuyorlar. İ k i n c i n ö v b ə t ç i . Əvət, gurultu getdikcə artıyor. B i r i n c i n ö v b ə t ç i . Iştə, Orxan da Əmir ilə bərabər gəliyor. İ k i n c i n ö v b ə t ç i . Görünür D ə m i r q a y a Elması aldatıyormuş. Kənardan eşidilən gürültü, çarpışma səsi azalır. T e y m u r , D i v a n b ə y i , ş a i r Kirmani və O r x a n gəlirlər. T e y m u r. Söylə, Orxan, nə yapdın? Or x a n . Bənim ilk yapdığım böyük bir qəbahətdir. T e y m u r. Hanki qəbahət? Or x a n . Olqayı Türküstandan qaçırdım, ona görə boynum vurulmalıdır. T e y m u r. Onu sonra mühakimə edəriz. Bana Yıldırımdan, Yıldırım ordusundan xəbər ver! Or x a n . Bursadakı işlər mə’lum. Hər ay xəbər yazıb göndərmişəm. Son həftələrdə isə Anadoludakı bəylərə gözəl rütbələr və’d etdim, həpsini tərəfimizə keçirdim. Oradakı tatar və türkmənlərin başçılarını çağırdım, məhəbbətlərini qazandım. Bütün Anadolu əskəri bizim tərəfdə, şimdicə təslim olurlar. Yalnız Rumeli sancak bəyləri, yeniçərilər və serb əskərləri Yıldırım itaətində. Fəqət, orduda pozuqluq olunca, onlar da bir şey yapamazlar, çabuq şaşırırlar. E l m a s (D ə m i r q a y a ilə bərabər gəlir. Orxanı görüncə, şaşqın bir sevinclə). Ah, Orxan!.. Divan bəyi əlilə sükut işarəti verir. Elmas çəkilib bir tərəfdə durur. T e y m u r. (Orxana). Pək məmnun oldum; şimdi söylə baqalım, gözəl prenses nerdə? Or x a n . Iştə qarşıda bəkliyor. Fəqət dəmin hüdudu keçərkən bizimkilər tərəfindən yaralanmış. E l m a s (ətrafa). Əvət, bu da yeni bir hiylə. T e y m u r. Orxan! Sən bir əskərsin, fəqət işlədiyin xəyanət bir əskərə yaqışmaz. Əcəba xəbərsiz olaraq qızı qaçırmaq və bəni saymamaq böyük bir nankorluq deyilmi? Bunu yaparkən Teymurun hiddət və qəzəbini düşünmədinmi? Orxan susur. Niçin susdun, söylə? Or x a n . Böyük xaqanın mərhəməti bənim qəbahətimdən daha böyükdür. T e y m u r. (sərt). Xayır, qəbahəti mə’zur görmək, fənalığı tərvic etməkdir. B i r i n c i n ö v b ə t ç i (arqadaşına). Iştə Topal yenə çıldırıyor. D i v a n b ə y i. (Teymura). Orxan gəncdir, yigitdir. T e y m u r. (kəskin). Xayır, böylə bir qəbahət için ən böyük cəza ölümdür. E l m a s. Ah, ölümmü? T e y m u r. Əvət, Orxan yalnız e’dama layiqdir. E l m a s. Mərhəmət, ah, mərhəmət!.. (Teymura yaqlaşır). T e y m u r. (çılğın). Çəkil! D i v a n b ə y i. Ah, gerçəkdənmi e’dam? T e y m u r. Əvət, e’dam, e’dam..! Bıraq, hər kəs için ibrət olsun! Ətrafda böyük şaşqınlıq və qorqunc bir sükut... Or x a n . Xayır, xaqanım, xayır... Ölüm hər kəsi qorqutsa da Orxanı qorqutmaz. Bən vəzifə uğrunda bin dəfə ölüb-dirildim. Yıldırım bəni öldürtmək istərkən belə qəhqəhələrlə güldüm. Şimdi isə gülmək deyil, yalnız heyrət edərim. Həm də başqa əlləri qanımla ləkələndirmək istəməm. (Belindəki xəncəri çıqarır. Kəndini vurmaq istər). Ah, sən bəni alçaltdın, fəqət bən... iştə! T e y m u r. (gur və kəskin səslə). Orxan! Əcələ ediyorsun, bən səni alçaltmaq deyil, yalnız imtihan etmək istədim. (Şən qəhqəhəylə). Unutma ki, Teymur şahmat oynarkən belə, taxtadan yapılmış küçük bir piyadayı qeyb etmək istəməz. Halbuki sən cəsur və eşsiz bir qəhrəmansın. (Yaqlaşıb Orxanın omuzunu oqşar). Əvət, sənin məharət və cəsarətin işlədiyin qəbahətdən daha böyükdür. Olqayı, o dəyərli yadigarı mükafat olaraq sana bağışladım. Fəqət qəlbin onun, düşüncə və biləklərin bizim olsun. Bu sırada O l q a gəlir və örtündüyü çarşaf omuzlarına sarqaraq baqıb durur. E l m a s (çılğın bir tevr ilə Teymurun qarşısına keçərək). Xayır, xayır! Sən bunu əsla yapamazsın. Əvət, sən böyüksün, bütün dünyaya hökm edə bilirsin; fəqət Orxanın qəlbinə deyil! Unutma ki, bən anayam. Ş a i r. (ətrafa). Əvət, ana qəlbi hər şeydən güclü və məhabətlidir. O l q a. (köksünü sıqaraq, ətrafa). Ah, bu oq yarası bəni məhv edəcək... T e y m u r. Elmas! Səbr və mətanət lazım. E l m a s. Xayır, xayır. (Olqayı göstərir). Sən ona bütün aldığın ölkələri bağışlaya bilirsin, fəqət bana verilən bir qəlbi əsla! Əsla! (Orxana). Niçin susdun, Orxan, cəvab ver?! Or x a n . Xaqan hüzurunda ədəb gözətiyorum. E l m a s. Halbuki həyat yoldaşına xəyanət eyləmək daha böyük ədəbsizlikdir. O l q a. (Teymur qarşısında diz çökərək). Böyük xaqan! Bənim varlığım bir çoqlarının hissiyyatını zəhərliyor, bəni öldür də, hər kəs iztirabdan qurtulsun. T e y m u r. (onun qolundan tutub qaldırır). Xayır Moskof çiçəyi, xayır... Bən yalnız qızğın arslanları, azğın qaplanları şikar edərim. Bənim oqum yalnız vəhşi qartalların qanilə boyanır. Sən şətarətli bir güvərçinsin, halbuki Teymur əsla güvərçin qanı tökmədi. E l m a s. Güvərçinləri də şahinlər parçalar. (Qoynundan ufaq bir xəncər çıqarıb vurmaq istər). D i v a n b ə y i. Elmas! Orxan Elmasın biləklərini yaqalar, xəncər düşər. O l q a. (qırıq səslə, acı təbəssümlə). Hiç təlaş etmə... Elmas!.. (Qanlı köksünü açaraq). Bən... iştə yaralanmışım... Artıq kimsəyə... zəhmət vermiyəcəyim. Ah, ah, ahh... (Bayılıb düşər). T e y m u r. (növbətçilərə). Yardım edin! Olqayı qaldırırlar. Elmas çəkilir. Ətrafda gurultu və çarpışma səsləri yüksəlir. Teymur Divan bəyiyə. Baq gör nə var? D i v a n b ə y i. (yola baqar). Iştə, Sobutay gəliyor. S o b u t a y. (gəlir, əyilir). Böyük xaqana müjdələr. T e y m u r. Nə olmuş? S o b u t a y. Yıldırım ordusu bozuldu. T e y m u r. Nasıl? Ətraflı söylə! S o b u t a y. Onların sol cinahı az bir zaman bizə qarşı dura bildi. Sonra birdən-birə şaşırıb dağıldı. Şahzadə Məhəmməd də kəndi ehtiyat firqəsilə Amasya yolunu tutmuş. T e y m u r. Yıldırım kəndisi nə halda? S o b u t a y. Onu hiç sormayınız! Yıldırım gerçəkdən böyük qəhrəman. Hər kəsdən ziyadə çarpışıb vuruşdu. Ətrafındakı sipahilər və yeniçərilər də son dərəcə yigit... Bununla bərabər həpsi əsir. Həpsi təslimə məcbur oldu. T e y m u r. (Divan bəyiyə). Əmr et, qaçanları qovmasınlar. Saqın, Yıldırıma bir şey olmasın. Həm də ehtiramda qüsur edilməsin. D i v a n b ə y i. Itaət, xaqanım. (Sobutayla bərabər gedər). Ş a i r. (ətrafa). Qəhrəmanlardakı fəzilət dəhşətləri qadar böyükdür. T e y m u r. (volta vurur, qızğın və sinirli). Kəlbi-əqur!.. Kəlbiəqur! Nə böyük cəsarət! Ah, məğrur!.. Idraksız! Teymurun təhəmmül və nəzakəti sənin kibi çoqlarını aldatmış. Lakin atəşli bir toqat həpsini sərxoşluqdan ayıltmış. (Çılğın). Yıldırım, ah, Yıldırım! Kəndini dev aynasında görüb də şımardın. Fəqət düşünmədin ki, sirkə nə qadar tünd olursa, qabı daha çabuq çatlar. Ş a i r. Əcəba böyük xaqanın bir-iki sözlə əsəbiləşməsi tuhaf deyilmi? T e y m u r. İki sözmü? Iki sözmü? Ah, şu həzyan zəhərli bir oq kibi rö’yada da beynimi dəliyor. Kəlbi-əqur! Kəlbi-əqur! Ah, nə sayğısızlıq! Xayır, böyük nəhrləri yataqlarından çıqaran, sarsılmaz və keçilməz dağları yaran Teymur hər acıyı unutur da, fəqət şu iki sözü əsla! Əsla! Ş a i r. Hər-halda Yıldırım sənin can qardaşın, qan qardaşındır. T e y m u r. Əfsus ki, qardaş yarası daha acı, daha qorqunc olur. S o b u t a y. (gəlir, əyilir). Yıldırım hüzurunuza gəliyor. T e y m u r. Buyursunlar. Y ı l d ı r ı m iki nəfər Teymur əskəriylə gəlir. A q b u ğ a i l ə D i v a n b ə y i də bərabər bulunur. D i v a n b ə y i. İştə, Osmanlı sultanı Yıldırım Bayazid! A q b u ğ a. Yalnız sultan deyil, həm də cəsur bir komandan! T e y m u r. (yer göstərir, təvazölə). Buyurun, şevkətli Sultanım! Tanrı qulu Teymurdan daima ikram və ehtiram görəcəksiniz. Yorğunsunuz, rica edərim oturun. (Oturmaz, Teymur ona cibindən bir kağız çıqarıb verir). Lütfən şu məktubu oqurmusunuz? Y ı l d ı r ı m. (məktubu alır, aşırı dərəcədə gözlərinə yaqlaşdırır və Teymura iadə edər). Zatən yazıldığı zaman oqunmuş. T e y m u r. İştə, bən şu məktubdakı sözlərinizi unutdum və sizi əfv etdim. Yalnız əfv etmək deyil, hətta məhəbbətinizi də qazanmaq istərim. Əvət, məhəbbətinizi də qazanmaq istərim. (Mə’nalı və məğrur bir tevr ilə şair Kirmaniyə baqar). Əcəba, buna şair nəsöylər? Ş a i r. (səmimi və coşqun bir ahənglə). Məhəbbət! Məhəbbət!.. Əvət, bütün bəşəriyyəti xilas edəcək yalnız məhəbbətdir. Məhəbbətlə çırpınan bir çoban qəlbi, kin və ədavət püskürən bir sultan qafasından daha şərəflidir. Əgər dünyanın şanlı çarpışmaları, qanlı vuruşmaları nəticədə bir məhəbbət, fövqəlbəşər bir məhəbbət doğurmayacaqsa... bütün həyata, bütün kainata nifrətlər olsun. T e y m u r. Əcəba, məğrur Yıldırım nə düşünüyor? Y ı l d ı r ı m. Düşünəcək bir şey yoq. Əvət, sən qalibsin. Lakin bu qələbə türk əqvamını deyil, yalnız fürsət bəkləyən qomşu hökumətləri məmnun etdi. (Acı bir köküs keçirdikdən sonra, çoq mütəəssir və şiddətli). Ah, daha doğrusu, Islam aləmini başsız qoydu. T e y m u r. (iki-üç adım aqsayaraq Yıldırıma doğru yürür, məğrur və gur bir səslə). Hiç məraq etmə, xaqanım! Sən kor bir abdal, bən də dəli bir topal! Əgər dünyanın zərrə qadar dəyəri olsaydı, yığın-yığın insanlara, ucu-bucağı yoq məmləkətlərə... sənin kibi bir kor, bənim kimi bir topal müsəllət olmazdı. Pərdə SON * * * Kitabxana.az · https://kitabxana.az/collections/cavid-topal-teymur İctimai mülkiyyət (müəllifin vəfat ili: 1941). Public domain (author died 1941). Original text only.