Altunsaç Yusif Vəzir Çəmənzəminli (1887–1943) ALTUNSAÇ Kinossenari Yazın sonu. Boz, susuz səhra. Bəzi yerlərdə istidən qupquru qurumuş, cansız kolluq və tikanlar. Uzaqda yavaş-yavaş hərəkət edən dəvələr... Onların başı üzərində tutqun səma və qızmar-bəyaz buludların parçaları. Dərinlikdə, iki təpə arasında bir dəstə adam görünür... Torpaq işi gedir. Asta, zəif işləyirlər. Inşaatın rəisi, cavan mühəndis Qaplan, yanında üzü torlu və əlləri əlcəkli mühəndis Saryov. O, göz qabağına gətirdiyi ağcaqanadları qovurmuş kimi əllərini yellədir. Q a p l a n. Mən elə fikirləşirdim ki, siz artıq birinci xətti qurtarmısınız. Müəyyən edilmiş vaxtı pozuruq. Mən Bakıda ayın axırına işi qurtaracağımıza söz vermişəm... S a r y o v. Nə bacarırıq, edirik. Bellə çox uzağa getmək mümkün deyil! Bu vaxt mühəndis Salman atın üstündə gəlir. O başdan-ayağa toz içindədir. S a l m a n. Mən bir neçə ekskavator tapa bilmişəm. Onları alanacan mənimki mənə dəydi. Indi işimiz həqiqətən irəli gedəcək. Q a p l a n. Bir neçə ekskavator? Bu, yaxşıdır... (pauza) Kürün səviyyəsi necədir? Rejimə nəzarət edirsinizmi? S a l m a n. Sözsüz. Qaplan görülən işlərə diqqətlə baxa-baxa, çəllək dayanan meydançaya keçir. Fəhlə su ilə dolu çəlləyə yanaşır və su içmək istəyir, çəlləkdən nazik şırnaqla lilli su gəlir. Qaplan bunu görür və Saryova müraciət edir. Q a p l a n. Yəni təzə su gətirmək olmazdı? Fəhlələr hər cür bulanıq suyu içir və sonra da malyariyaya tutulurlar. Allah bilir o nə sudur!.. S a r y o v. Təsərrüfat müdiri Abdullayev Bakıya gedib, ona görə də su ilə bağlı işlər qaydasında deyil. Yenə də sudur də!.. Bəs ağcaqanadlarla neyləyək? (Gözünün qabağına gətirdiyi ağcaqanadları qovurmuş kimi əlini yellədir). Bu əsər rus dilində yazılmışdır. Burada çəmənzəminlişünas Leyla Məcidqızının tərcüməsində verilir. (Red.) Axşam düşüb. Otaq. Stol açılmışdır. Tənzif çəkilmiş pəncərədən həyətdə yanan ocaq və onun yanında ət tikələrini bir-birinin ardınca şişə düzən Qaplanın etibarlı əməkdaşları Mişka və Avak görünürlər. Otaqda iki nəfər vardır: Salman və Saryov. Salman, görünür ki, darıxır və otaqda gəzişir. Saryov çantasından araq və barjom çıxarıb, stolun üzərinə qoyur. S a r y o v (Sifətində nifrət ifadəsi ilə). Bu dalda-bucaqda susuz gəbərmək olar. Salman bir anlığa başını Saryova tərəf çevirir, sakitcə ona baxır və yenə də otaqda gəzişməyə başlayır. S a r y o v (deyinir). Burada hər şeyə görə ən yaxşı mükafat – malyariyadır. (Qəmgin halda ağcaqanadlardan qorunur) S a l m a n. Sızıldamayın, Saryov, hər şey yaxşı olacaq! Salman otaqdan çıxır. Həyətdə Mişka və Avak ocağa nəzarət edirlər. Onların yanında dayanmış Salman şişləri odun üzərində yerləşdirir. Buradan kəndli, suvaqçı Həsənin gecələr ağcaqanadlardan qorunub yatdığı talvar görünür. Oradan saz səsi və Həsənin mahnısı eşidilir. Qaplan astaca talvarın ayaq tərəfinə yanaşır və... dayanır. Həsən Altunsaç haqqında xalq əfsanəsini oxuyur... H ə s ə n. Dünya da gənc idi, Altunsaç da. Nə Şirvanda, nə də Muğanda ona tay gözəl yox idi. O gecələr öz qızılı saçlarını hörər, hörüklərdən ulduzlar çıxardı və gündüzə çevrilərdi. Ay da, ulduzlar da ona paxıllıq edərmişlər. Hətta yapalaq belə, zalımcasına çığıraraq, səhranın qaranlıq mağaralarında gizlənərmiş. Dünya da gənc idi, Altunsaç da. O, hər gün səhər sübh tezdən durub müqəddəs Kürə gedər, üzüqoylu düşərək, səhər duası oxuyar və əbədi atəş məbədinə qayıdardı. Müdrik və işıqlı Zərdüştün əbədi atəşi alovlanar və Altunsaçın qəlbi səhər duasının şirinliyi ilə dolarmış. Hər gün bir-birinin ardınca belə davam edər və gənc Altunsaç bəhrəli düzənliklərdə qızılgül kimi açılarmış. Hər şey onun gözünü oxşarmış: Azərbaycanın zümrüd düzləri, məhsuldar bağları, zümzüməli çayları, bulaqları, iti yerişli at ilxıları... Heç nə onun vecinə deyildi - nə kəhər at üstündə qaçan amazonkaların oyunları, nə də onların döyüş meydanındakı şücaətləri... Ancaq birdən yer titrədi, kainatın parlaq günəşi batdı: Ərəb qoşunları Azərbaycanın sərhədlərini aşdılar. Onlar heç kimə rəhm etmirdilər; məbədləri dağıdır, əbədi atəşləri söndürür, münbit torpaqları atlarına tapdaladır və əhalini əsir götürürdülər... Altunsaçın ürəyi əsirdi. O, öz yaraq-əsləhəsini geyindi, polad qılıncını götürüb ata mindi. Əbədi atəşin qorunduğu şücaətlərlə dolu olan torpaqda qisasın əkssədası hər tərəfə yayıldı... Polad amazonkalar dəstəsi qasırğa kimi düşmənin üzərinə uçur, nizələr dolu kimi yağırdı. Bizim doğma Altunsaç isə düşmən düşərgəsini yarıb keçərək, öz qılıncı ilə düşməni məhv edir. Ancaq dünya düzünə deyil və bu dünyada hər şey vəfasızdır. Lamaların lənətə gəlmiş qılıncları amazonkaları da məhv etdi. Möcüzə baş verdi: bircə Altunsaç sağ qalır. Düşmən tərəfindən izləndiyindən Qızqalası dağının zirvəsinə qalxır. O, bir anlığa dayanır, geriyə dönür və qəmli baxışlarla öz doğma torpağına baxır – hər şey viran edilmişdir, nə vaxtsa çiçəklənən vətəndə qatı tüstü dalğalanır. Altunsaç içməli su olan bulağa enib su içir və insanların gözündən itir. Həsənin zümzüməli səsi davam edir. Mən bizim qədim Şirvanda bir dəfə olmamışam. Orada zümrüd dağ ucalır, o dağda da indiyədək Qızqalası xarabalıqları qalmaqdadır. Onlar özlərində əsrlərin sirrini və Altunsaçın işıq saçan simasını qoruyub saxlayır. Ey işıq, qəmlənmə ki, Allahın yaratdıqlarının taleyi belə dəyişkəndir. Mənim sazımın dahiyanə tellərinə inan: yaz gələcək və xalq yeni bir Altunsaç yetişdirəcək! Və yenə də arxlarda su şırıldayacaq, torpaq dirçələcək, güc yığacaq və bizim vətənimiz xoşbəxtlik və məhəbbət işığı ilə nurlanacaqdır... Gözlənilmədən Salmanın səsi eşidilir. S a l m a n. Kabab hazırdır! Mahnının ovsunladığı Qaplan bunu eşitmir. S a r y o v (rişxəndlə). Bu lənglik Qaplanın zəhləsini tökmür! S a l m a n (güclə sezilən istehza ilə). Onun bir az şairliyi var axı... (yenidən Qaplana tərəf müraciət edir) Rəis, yeməyə gəl! Gecə. Həyəcan siqnalı. Kür öz sahillərindən aşıb, öz məcrasından çıxmışdır. Baraklarda işıqlar yanıb-sönür. Pəncərə qarşısında atlıların qaraltısı görünür. Salman cəld Qaplanın otağına girir, onu yazı masasının arxasında görür. O işləyir. S a l m a n. Cəld ol! Bəndləri seldən qorumaq lazımdır. Q a p l a n. Nə olub? Qaplan stolun arxasından sıçrayır. Pəncərənin qarşısından Mişkanın səsi eşidilir. M i ş k a. Mən işləri dayandırmışam. Bəndləri su basmasa, yaxşıdır. Başqa səs eşidilir. S ə s. Kolxoz sahələri batacaq! Qaplan tez barakdan çıxır, məşəl barakların arasını və insanların həyəcanlı sifətlərini işıqlandırır. Qaplanın və Həsənin səsi eşidilir. Q a p l a n v ə H ə s ə n. Tez olun! Yoldaş Saryov hardadır? Adamlar hardadır? Yığışırlar... Fəhlə kütləsi başda Qaplan olmaqla məşəl işığında Kürə doğru hərəkət edir. Mişka və Avak da buradadırlar. Hamının əlində bel və külüng vardır. Həsən camaatı yola salıb, talvara çıxır və Kürə tərəf baxır. Sakitlikdir. Həsənin anası – qoca qarı, aşağıdan oğluna baxır. H ə s ə n i n a n a s ı. Kaş bizim bostanı su basmayaydı. Bir gedərdin, oğul. H ə s ə n. Yox, ay ana, su hələ uzaqdadır. Həsən əks tərəfə dönür, nə isə görür, canlanır, aşağı enir. Təpədə at üzərində cavan qız görünür. O, Həsənə tərəf irəliləyir. Q ı z. Qardaş, mühəndis Qaplan burdadır? H ə s ə n. Yox, bacı, o elə indicə öz adamları ilə getdi. Sel gəlir. Nə lazımdır? Q ı z. Mən mühəndisəm. Buraya təyin olunmuşam. Həsən və anası sakit nəzərlərlə qızı süzürlər. Onların yanından kolxozçuları daşıyan arabalar, əllərində bel və kürək olan atlılar keçir. Partiya komitəsinin katibi öz atını saxlayır. P a r t i y a k o m i t ə s i n i n k a t i b i. Uşaqlar, bütün boş adamları yığın. Kür daşır. Kolxoz tarlalarını xilas etmək lazımdır! Q ı z (Mühəndis qız, çox düşünmədən, xurcunu atın üstündən götürüb Həsənə verir). Bunu, zəhmət olmazsa, rəisin otağına qoy. Partiya komitəsinin katibinə yaxınlaşır. Xalq bir yerə yığılır. Ana qızın ardınca baxır və sonra kədərli nəzərlərlə oğlunu süzür. H ə s ə n i n a n a s ı. Oğul, qurbanın olum. Bu dünya fanidir: mən bu gün sağam, sabah yox... Elə istərdim ki, ölməmişdən əvvəl səni evlənmiş görüm. (Ağlayır) Həsənin yanında dayanan, səfərbər edilmiş kəndlilərdən biri sözarası soruşur. K ə n d l i. Ay Həsən, yenə qarı gəlindən ötrü ağlayıb-sızlayır, darıxır? Evlən də... (pauza) bu qızla (mühəndis qızı göstərir). Çətin işdir bəyəm? Ətrafdakılar gülürlər. Həsən də gülür. B a ş q a b i r k ə n d l i. Həsən, bəs sən niyə yığışmırsan? Sənin bostanının tilsim-duası var bəyəm? Kür – əjdahadır: onsuz da hər şeyi udacaq! H ə s ə n. Axı, su hələ uzaqdadır! Allah kömək edər, bəlkə heç nə olmadı. K ə n d l i. Sən məyər bilmirsən ki, əvvəlcə dəvəni yaxşıca bağlayıb, sonra Allaha tapşırırlar? P a r t i y a k o m i t ə s i n i n k a t i b i. Yoldaşlar, yığışmaq vaxtıdır! Həsən xurcunu anasına verib, kəndlilərlə birlikdə sel axan yerə gedir. Dəstənin başında - partiya komitəsinin katibi və mühəndis qız. Daşqın. Ətrafdakı kəndlərin kəndliləri və kolxozçuları qurşağa qədər suyun içində təbii fəlakətlə mübarizə aparırlar. Torpaqla dolu kisələri daşıyıb, sahilə yığırlar. Dirəklər üzərində tikili qurur, ağacdan maneələr düzəldir, dirəklər arasındakı boşluqları bağlayır, onları torpaqla doldururlar. Qızğın iş qaynayır. Qaplan və Mişka hamı ilə birlikdə şücaət göstərərək Kür çayına bənd çəkməklə məşğuldurlar. Hər an Qaplanın səsi ətrafa yayılır. Q a p l a n. Uşaqlar, kisələri verin! Qaplan təhlükəli yerə tullanır. Mişka kisəyə görə tez-tez sahilə çıxır, birdən onun həyəcanlı səsi eşidilir. M i ş k a. Ilan, ilan!.. Eh, lənətə gəlmiş zəhrimar!... Q a p l a n (onun qışqırığına məhəl qoymayaraq çığırır). Tez olun kisə verin! M i ş k a (kürəyində kisə, görünür). Yaxşı ki, sancmadı! (suya girir). Qaplan və Avak Mişkanın kürəyindən kisəni götürüb, suyun yuyub apardığı yerə daşıyırlar. Digər adamlar da kisələrlə gəlirlər. Qaplan, Mişka və Avak hər yerə qoşur və kömək edirlər. Mişka üşüyür. Səs eşidilir. S ə s.Yaxşıca hamamlandıq! M i ş k a. Kisəçi çatışmır! (Ətrafda gülürlər). Elə bil ki, su axını dayanıb. Qaplan və Mişka sudan çıxırlar. Avak orad işləməkdə davam edir. Qaplan ətrafa boylanır. Q a p l a n. Bu, hər il təkrar olunur. Necə bədbəxtlikdir? Amma bu yaxınlarda biz bu işi yönünə qoyacağıq. Kənarda, digər sahədə, partiya komitəsi katibi ilə yenicə gəlmiş bir qrup işləyir. Burada mühəndis qız və Həsən bəndlərin arasında işləyirlər. H ə s ə n (həyəcanla). Şax-şəvəl gətirin! Qurşağa qədər suyun içində, kolxozçu qadın qaçıb gəlir, Həsənlə birlikdə dirəklərin aralarını doldururlar. Partiya komitəsinin katibi bir qrup insanın yanından digər qrup insanlara yanaşır. Ruhlandırıcı sözlər deyərək, özü də sahilə bənd çəkməkdə iştirak edir. Həsən işləyə-işləyə, yandan kolxozçu qıza baxır. H ə s ə n. Qəşəng qız, sənin adın nədir? K o l x o z ç u q ı z. Mənim adım Nazlıdır. Nazlı! (Nazlı gülür, sahilə qaçır). Həsənin dostu, kəndli oğlan bu mənzərəni görüb, zarafatyana. K ə n d l i o ğ l a n. Hə, Həsən, fürsəti əldən verirsən? Allah özü göndərib. Kor nə istər: iki göz – biri əyri, biri düz... Amma sənin iki gözün də yerindədir. (Ətrafdakılar gülürlər). Qaplanın sahəsində yenə də həyəcan var. Səslər eşidilir. S ə s l ə r. Çuxur var! Kisələr! Su bəndi yuyub aparır... Çuxuru çayın özündə doldurmaq lazımdır! Qaplan suyun yuyub dağıtdığı yerə atılır. Mişka və Avak da onun ardınca tullanırlar. Gərgin vəziyyət alınır. Qaplan çuxuru tuta bilir, amma su ona güc gəlir. Həyəcanlı səslər eşidilir. S ə s l ə r. Ehtiyatlı olun, aparar! Ancaq gecdir. Su Qaplanı aparır. Həyəcanlı səslər artır. Qışqırığa partiya komitəsi katibi və bir dəstə gəlir. Mühəndis qız və Həsən suya tullanırlar. Böyük bir çətinliklə qız Qaplanı xilas edə bilir. Şən səslər eşidilir. Mişka, Salman və Həsən Qaplanı sahildən çıxardırlar. Onu maşında aparırlar. Bütün bu vaxtı orada olan Saryov özünü Qaplana çatdırır: Mühəndis-qız çaya qayıdır. Q ı z. Uşaqlar, çoxlu kisə verin! İş qaynayır. Qaplanın gedişindən sonra bütün təşəbbüs mühəndis qızın və partiya komitəsi katibinin əlinə keçir. Salman Qaplanı yola salıb qayıdır və sahildə Saryovun yanında dayanır. S a r y o v (əsnəyərək). Məyər biz bunun üçün oxumuşuq? Salman yorğun halda özünə, yaş və çirkli paltarına baxır. S a l m a n (gümrah halda). Bəsdir, Saryov! Hər şeyə alışmaq lazımdır! (Çayın təbii fəlakətlə mübarizə gedən yerinə qayıdır). Axşamdır. Otaq. Sellə mübarizə Qaplana ucuz başa gəlməmişdir: o xəstə yatır. Malyariya onu zağ-zağ əsdirir. Həsən də buradadır. Mühəndis-qız gəlir. O, Qaplanı sayıqlayan vəziyyətdə görür. Qaplan öz əzizini, istəklisini tovlayan kimi əllərini uzadır. Q a p l a n. Altunsaç! Altunsaç! (Qız heyrətlə baxır. Qaplan dəhşətə gəlmişdir. Onun xəyalına aşığın nəğməsi gəlir. Əfsanəvi Altunsaç xəstənin gözlərinə görünür: onun qızılı hörükləri qığılcım təki alışır). Gəl, gəl Altunsaç! Bizə işıq və xoşbəxtlik ver. Görüntü yoxa çıxır. Xəstə özündə yüngüllük hiss edir, gözlərini açır və ətrafa baxır. Onun baxışları qıza zillənir. Q ı z. Siz özünüzü necə hiss edirsiniz? Q a p l a n. Heç... Malyariyaya alışmışam. Yaxşı... Xroniki malyariya görünür. Mən Sizi tanıdım (pauza) Q ı z. Hə, mən təyinat üzrə bura işə gəlmişəm. Q a p l a n. Sizin adınız nədir? Q ı z. Altunsaç! Q a p l a n. Altunsaç? Aşığın nəğməsi eşidilir. Qaplan özünü itirmişdir. O bilmir ki, həqiqət haradadır, əfsanə harada. Həsən, əlində qab, Qaplan üçün kolxozdan süd gətirməyə gedir. O, yolüstü demək olar ki, sudan məhv olmuş bostana baxır. Bəzi yerlərdə öz sahələrinə baxan kolxozçular görünür. Nazlı da buradadır. Qız Həsənə yaxınlaşır. Ona zarafat- yana “dayı” deyə müraciət edir. N a z l ı. Hara, dayı? H ə s ə n. Süd dalıyca, xala, rəis üçün. Xəstədi o. N a z l ı. Lənətə gəlmiş Kür sənin də xətrinə dəyib, dayı! H ə s ə n. Islanmışın yağışdan nə qorxusu. N a z l ı. Belə islanmış... cücəyə ocaq lazımdır. (Nazlı onun çiynindən vurub, qəhqəhə ilə gülür). H ə s ə n. Ocaq var, od yoxdur. N a z l ı. Od? Sən də onu tapmırsan? Kuzələri ver, gedək. (Nazlı ona incə nəzərlərlə baxır və mənalı-mənalı gülür). Altunsaçın çox da böyük olmayan, səliqəli laboratoriyası. O, iş başındadır. Qaplan stola söykənmiş halda dayanıb. Q a p l a n. Mən çox şadam ki, siz bizim peşəni sevdiniz... Mingəçevir bizim gələcəyimizdir! Su, sağlam hava, məhsuldar torpaq və əbədi yanar od. Bizim əcdadlarımızın hörmət etdikləri dörd ünsür! Bütün bunların hamısını Mingəçevir verəcəkdir. A l t u n s a ç. Biz hələ çox şey etməliyik. Q a p l a n. Eybi yoxdur, gücümüz çatar. “Bolşeviklər xüsusi keyfiyyətli insanlardır”. (Saata baxır) Bağışlayın, mən işə getməliyəm. Qaplan geri dönür və tez laboratoriyadan çıxır. Altunsaç onu baxışları ilə yola salır və tez pəncərəyə yaxınlaşır. Onun qara gözləri uzun müddət Qaplanın arxasınca baxır. Meydanda baraklar arasında. Həsənin anası utana-utana Qaplana müraciət edir. H ə s ə n i n a n a s ı. Çox sağ olun ki, mənim oğlumu işə götürdünüz. Onun bostanını su basıb... Mən də artıq qocalmışam. Həsəndən başqa heç kəsim yoxdur. Ölümümdən qabaq öz evimdə gəlin görmək istərdim. (Qarı ağlayır). Q a p l a n. Qəm yemə, ana. Həsəni evləndirərik! Hər şey yaxşı olacaq! Qarı ehtiramla Qaplana baxır. Yaxında tikintisi başa çatmamış kanalın ətrafında kəndlilər oturmuşlar. Qaplan onlara yaxınlaşır. Q a p l a n. Siz niyə bekar oturmusunuz? K ə n d l i l ə r (ayağa qalxırlar). Iş yoxdur, ona görə də oturmuşuq. Deyirdiniz işçi yoxdur, bax, biz kolxozdan gəlmişik... Orada işi atmışıq, burada da heç bir şey yoxdur! Alətlər yoxdur, nədir? Kim çağırıb? S ə s l ə r. Rəis Saryov! Q a p l a n. Bir gəlin görək! Qaplan hirsli halda Saryovun idarəsinə yollanır, kolxozçular da onun ardınca gedirlər. Axşamdır. Saryovun otağı. Salman onun yanındadır. Saryov pulverizator ilə mayeni tozlandıraraq ağcaqanadlarla mübarizə aparır. S a r y o v (kinayə ilə). Nədir? Bu günkü incikliyinizin əvəzini çıxırsınız? Avam camaata görə Qaplan mənə öyüd-nəsihət verdi. Təzə xəbəri eşitmisiniz? Bu sizi maraqlandırar. Idarə layihənin hazırlanmasını bizim çox hörmətli Qaplana həvalə edib. S a l m a n. Hə... Sizi incidiblər, yoldaş Saryov! Sizin çoxillik səriştəniz, sizin iş stajınız... başqa münasibətə layiq idi. S a r y o v. Hə, heç! Mən bitərəfəm. Amma siz! Axı, siz partiyaçısınız, həm də yaşca böyüksünüz. Siz... Qaplanın yerində siz olmalıydınız! S a l m a n. Mən? Mən – bizdə necə deyərlər, səhrada dəvəsi ölmüş ərəbəm: S a r y o v. Mən Sizi başa düşürəm, ancaq siz özünüz Qaplanın təklif etdiyi iş üsuluna necə baxırsınız? S a l m a n. Cəsarətli addımdır! O, bunu obrazlı formada “gələcəyə sıçrayış” adlandırır. S a r y o v (dodaqaltı). Hə, görək bu “sıçrayış” nə ilə qurtaracaq. S a l m a n. Nə? Siz nə dediniz? S a r y o v. Hə, heç, elə-belə... (hamıya lazımlı bir şəxs olan təsərrüfat hissə müdiri Abdullayev içəri daxil olur. O, mərkəzdən gətirilmiş hədiyyələri: avtomat qələmi və pnevmatik balıncı çıxarır). S a r y o v. O...o, xoş gəlmisiniz, Abdullayev! Yenə də hədiyyələrləsən? Budur insanların qayğısına qalan. (Pnevmatik balıncla əlləşməyə başlayır. Sonra otaqdan çıxır). S a l m a n (sakitcə Abdullayevə). Hə, necədir? (Abdullayev məktub verir). (Salman məktubu gizlədir). Yaxşı! Deməli, hər şey yaxşıdır? A b d u l l a y e v. Salamları var... iş gözləyirlər. Təfsilatı məktubdadır. (Çıxır) Qapıda Saryovun müşayiət etdiyi Qaplanla qarşılaşır. Q a p l a n. Mən sizin yanınınza işlə əlaqədar gəlmişəm. Qalereyada iş necədir? Bu, məni narahat edir. S a r y o v. Hər şey necə lazımdır, eləcədir. Iş gedir. Q a p l a n. Sizi xəbərdar edirəm: mühəndis-Altunsaçın təcrübəsi göstərir ki, qrunt etibarlı deyil, bərkitmək lazımdır... Yoxsa... S a l m a n. Mənə elə gəlir ki, inşaat materiallarını qənaətlə sərf etmək lazımdır. Qalereyanın özülü tab gətirər... Material fondu məhduddur. Tikinti yerində SES ön planda. Qaynar iş gedir. Altunsaç işlərə nəzər salır. Digər sahəyə keçir və Qaplanla görüşür. O, həyəcanlı və arxayındır. Işlər yaxşı gedir. Qaplan görüşdən məmnundur. O, qızın əlini möhkəm sıxaraq ona solğun gül verir. A l t u n s a ç. Mən çox məmnunam. Burada güllər necə solğundur! Q a p l a n. Çiçək nəmlik sevir, hisslərsə – qarşılıqlı əlaqə... A l t u n s a ç. Oho, Siz əsl şairsiniz! Q a p l a n. Məyər bizim məqsədimiz işgüzar həyatımızı poeziyaya çevirmək deyil? Onların baxışları rastlaşır, elə bil ki, onlar öz aralarında gizli, sözsüz, lakin hər ikisi- nin başa düşdüyü sirli bir dildə danışırlar. Q a p l a n (həyəcanlı). Bilirsiniz, mən çoxdan Sizə demək istədim... Həyəcan siqnalı Qaplanın sözünü kəsir. Mişka xəbər verir ki, yeraltı tədqiqat yolu uçub-dağılmışdır. Qaplan və Altunsaç faciə yerinə atılırlar. Partiya komitəsinin katibi artıq orada göstəriş verir... Həsən və Avak var qüvvələri ilə işləyirlər. Yaralıları xilas edir, uçqun altda qalmış fəhlələri çıxarırlar. Mişka yaralıdır. Qaplan və Həsən onu əllərində gətirirlər. Burada da ağcaqanad və ilanlarla “təqib olunan” Saryov, elə bil nə isə edir. Salman zərərçəkənləri torpağın altından çıxartmağa kömək edir. Qaplan Mişkanı otaqda qoyub, geriyə qayıdır və axırıncı yaralını çıxarır, ona Salman və Avak kömək edirlər. Uçqun altından axırıncı Saryov və Altunsaç çıxırlar. S a r y o v (fürsət tapıb). Görürsünüz bizim Qaplan neylədi? Hərçənd ki, Qaplan azərbaycanca pələng deməkdir, ancaq onun hər sıçrayışıuğurlu deyildir. Bunu müasirlərin dilində adlandırmaq olar... A l t u n s a ç (kəskin). Demək istəyirsiniz ki, ziyankardır?.. S a r y o v (çox mənalı halda çiynini çəkərək). Necə istəyirsiniz adlandırın. Sübut edir ki, bütün günah Qaplanın boynundadır. Partiya iclası uçqun barədə və fəhlələrin ölümündən həyəcanla danışırlar. Saryov şahid qismində cəlb edilmişdir. A l t u n s a ç. Partiyaçı Qaplana belə hərəkətləri bağışlamaq olmaz! Bu, sadəcə ziyankarlıqdır. Partiyanın sıralarında ona yer ola bilməz. (O, həyəcanla geriyə atılır və əlləri ilə üzünü tutur). S ə d r. Şahid Saryova söz verilir. S a r y o v. Mühəndis hər şeydən əvvəl soyuq düşüncəyə malik olmalıdır. Ciddi hesab-kitabı olmalıdır. Və biz ciddi hesabı rəhbər tutmalıyıq. Ancaq Qaplanın fantaziyası dəqiq hesaba üstün gəlir. S a l m a n. Yoldaş Saryova, əlbəttə ki, onun qanuna müvafiq hərəkətlərinə, təmizliyinə və güclü əmək qabiliyyətinə baxmayaraq, texnikada görünməmiş yaradıcı uçuş, yenilik hissi yoxdur. Qaplan bu barədə əvəzedilməzdir. Onun risk etməyə hüququ vardır. Onda yaradıcı təklifin yeniliyi duyulur ki, bu da bizim böyük dövrümüzün əsas keyfiyyətlərindən biridir. S ə d r (onun sözünü kəsərək). Yoldaş Salman, obyektiv ol! Öz dostluq hisslərini Qaplan üçün saxla... Unutma ki, sən partiyaçısan! S a l m a n. Haqq-ədalət Qaplanı müdafiə etməyi tələb edir! Salmanın alovlu müdafiəsinə baxmayaraq, partiya qrupunun ümumi münasibəti Qaplanın əleyhinə deyil. Ayrıca çıxışlarda Qaplanın “riski” fəhlələrin həyatı hesabına başa gəldiyi üçün onu tənqid edirlər. Mişka və Avakın başçılığı altında olan fəhlə qrupu Qaplanın müdafiəsinə qalxır. Narazılıq, etiraz səsləri eşidilir. S ə d r. Yoldaşlar, bizim qərarımız müvəqqəti olaraq saxlanılır və iş xüsusi komissiyaya verilir. Hamı dağılışır. P a r t i y a k o m i t ə s i n i n k a t i b i (sözarası Mişaya). Mənim yanıma gələrsən! Nahardan sonrakı vaxt. Qaplan həyəcan keçirir. Qərar tuta bilmir, o otaqda var-gəl edir, layihələri, kitabı götürür - bir şey alınmır, kənara tullayır. Çarpayıya uzanır, ancaq sakitləşə bilmir, ayağa qalxıb pəncərəyə yaxınlaşır. M i ş a. (düşüncəli halda onun hər bir hərəkətini izləyir). Qaplan, bəsdir, üzüldün, hər şey yaxşı olacaq. (yavaşca qapıya yaxınlaşır) Q a p l a n. (təəccüblə) Sən hara belə? M i ş a. Məni partiya komitəsinə... çağırıblar... getmək vaxtıdır. Q a p l a n. Nəyə görə? M i ş a. Çağırıblarsa, demək lazımdır. Qaplan fikri dağınıq halda gözləri ilə onu yola salır, görünür, onun həyəcanı son həddə çatmışdır... Salman daxil olur. S a l m a n. Ey, əzizim, belə yaramaz. Sən arıqlamısan. Belə zəiflik partiyaçıya bağışlanmır. Q a p l a n. Salman, başa düş, cavabdehlik partiyanın və hökumətin böyük etimadıdır. Amma mən onu doğrultmadım... Mən qalereyanın layihəsini verəndə elə bilirdim ki, hər şeyi nəzərə almışam. Heç nə başa düşmürəm, axı, bu necə oldu? S a l m a n. Sən bilirsən, Qaplan, mən səni müdafiə etdim. Həmişə də müdafiə edəcəyəm. Bir partiyaçı kimi, bəlkə də mən bunu etməli deyildim, çünki mən sənin layihənə inanmırdım. Amma mən türkəm və sən də türksən... Mən səni pis vəziyyətdə qoymaq istəmədim və bunu bacarmadım da... Q a p l a n (qəfil coşaraq, kəskin). Necə yəni “mən də türkəm, sən də türksən?” Sən bununla nə demək istəyirsən? Deməli, sən mənim layihəmin əleyhinəsən? Sən bunu mənə indi açıq deyirsən? S a l m a n. Qışqırma. Məni sakit dinlə. Bu o deməkdir ki, biz, gənc mütəxəssislər, türklər, Ittifaq qarşısında biabır olmamalıyıq. Sən bir işə məftun olursan və mən səndə bu keyfiyyəti sevirəm. Ancaq məsləhət görürəm ki, bu hoqqanı buraxasan – o səni məhv edəcək, onu həyata keçirməyə çalışma. Bizim yazıq xalq boş yerə deməyib: “Çoxu istəyən azdan da olar”. Sənin layihənin mahiyyəti yoxdur. Q a p l a n (Salmana sınayıcı nəzərlərlə baxaraq). Bütün bunları necə başa düşək? Bunu sən, partiyaçı deyirsən: “Bizim yazıq xalq”? O, niyə yazıq olsun ki? S a l m a n (ciddi görkəm alır). Sözlərə ilişmə... Mən sənə dediklərim haqqında düşün, (pauza) Lakin mən getməliyəm, iş var. Hə, möhkəm ol, Qaplan... Hər şey yaxşı olacaq. (Gedir. Qapıda isti süd gətirən Həsənlə qarşılaşır). Hə, Həsən, sağ ol! H ə s ə n. Sağ ol! (Qaplan düşüncəli halda otağın dərinliyində dayanıb. İnamsızdır) Rəis, süd istəyirsən? Q a p l a n. (elə bil ki, ayılır, divara yaxınlaşır, silahı divardan alır, kepkasını başına qoyub, tez çıxır) İstəmirəm! H ə s ə n. Onu hirsləndirən zalımın atasına lənət. Çaşdırıblar yazıq rəisi, çaşdırıblar... Axşam tərəfidir. Həsənin qazması. Həsən sazda çalır. Anası fikirli halda ona baxır. H ə s ə n i n a n a s ı. Bilirsən, oğul, bu Altunsaç yaxşı qızdır... H ə s ə n. Hə...ə, onu hamı sevir! H ə s ə n i n a n a s ı. Bilirsən, Həsən, əgər o mənim gəlinim olsaydı... H ə s ə n. Sən nə deyirsən, ana? Mühəndis və birdən... H ə s ə n i n a n a s ı. Oğul, hər şey taledən asılıdır! Allah elə edər ki, sən birdən onun ürəyinə girərsən... Hər şey qismətdən asılıdır. Birdən qazmaya düşən nərdivanın yuxarısında Altunsaçın səsi eşidilir: “Olar?” Həsən və anası, yerlərindən sıçrayıb, nərdivana yaxınlaşırlar. H ə s ə n i n a n a s ı. Həsən, sənə demişdim ki, hər şey qismətdən asılıdır. Görürsən? (Altunsaça yaxınlaşıb, mehribancasına) Nə yaxşı ki, gəldin. Bizim bu kasıb daxmamız sənə peşkəşdir. A l t u n s a ç. Sağ olun! (Yerdə otururlar. Altunsaç qazmaya baxır.) Tezliklə sizin bu kasıb daxmanızın sonu gələcək. Sizə təzə ev tikəcəklər. H ə s ə n i n a n a s ı (sevincək). Nə yaxşı olar. Yeni koma və mənim yazıq Həsənimə düşən qismət. Həsən gözləri ilə işarə edir ki, anası artıq heç nə danışmasın. Dərin sükut çökür. A l t u n s a ç. Həsən, rəis hardadır? Heç görünmür. H ə s ə n. O evdə yoxdur, bacı. Silahı götürüb harasa gedib. A l t u n s a ç. Gedib... Harasa? Altunsaç fikrə gedir. Nazlı içəri girir. N a z l ı. Mən sənin yanına getmişdim, Altunsaç. Tapa bilmədim. İzinə düşüb bura gəlmişəm. Məni bağışla, sən mənə lazımsan, mənə ərizə yaz. Kursa getmək istəyirəm. A l t u n s a ç. Qərara gəldin? Afərin! N a z l ı. Bəs necə: Hamı oxuyur, mən niyə oxumayım? (Gülür, yenidən sükut.) A l t u n s a ç. Yaxşı, sabah gəl mənim yanıma, hazırlayaram. N a z l ı (otağa göz gəzdirərək, Həsənin bir tərəfə qoyduğu sazı görür). Bu kimindir? H ə s ə n (utanaraq). Mənimdir. N a z l ı. Niyə bir şey çalmırsan? (Həsənin anasına) Ay ana, sənin oğlunun, elə bil ki, hissi yoxdur. H ə s ə n i n a n a s ı (ah çəkərək). Hissi var. Qisməti tapılmır. N a z l ı. Əgər yaxşı çalsa qisməti gələcək. Nazlının gülüşü Altunsaçın əhvalını pozur. O, qazmadan çıxır. A l t u n s a ç (onu fikirli yola salan Həsənə). Sən deyirsən Qaplan silahı götürüb? H ə s ə n. Hə. Bu işlərdən sonra onun keyfi yoxdur. Dünən də o, gecəyə qədər oturdu. Eh, Altunsaç bacı, bizdə deyərlər: “Ho var dağa qaldırar, ho var dağdan endirər”. Insanı heç nəyin üstündə çərlədərlər. A l t u n s a ç (səmimi və xeyirxah nəzərlərlə Həsənin üzünə baxır). (pauza) Həsən, sən qayıt geri, məni ötürmə, mən özüm gedərəm. Vidalaşırlar. Həsən gedir, amma dönüb uzaqlaşan Altunsaça baxır. Altunsaç təpəyə qalxır. Uzaqlaşan yollar görünür. Kədərlə uzaqlara baxır. Bir gilə göz yaşı yavaşca yanağına süzülür. Birdən üzündə şən təbəssüm oynayır: uzaqda, yolda Qaplana oxşayan bir nəfər görünür. Sifətinin şən ifadəsi yavaş-yavaş tutqunlaşır - yolçu Qaplan deyildi. Dərdin və həyəcanın ifadəsi artır. Gözlərində qeyri- ixtiyari göz yaşları görünür. Birdən tanış səs. S ə s. Altunsaç, Siz burda nə edirsiniz? O, geri dönür. Təpədən, əlində silah və içərisi vurulmuş quşlarla dolu zənbil, Qaplan görünür. Altunsaç sevincdən alışıb-yanan gözləri ilə bir anlığa Qaplana baxır. Birdən onun gözü ovlanmış quşlarla dolu zənbilə sataşır. Onun ova getdiyi Altunsaça aydın olur. Öz qorxularına görə o, utanır. Qəfil dönərək, heç nə demədən, gedir... “Altunsaç!” Altunsaç Qaplanın çağırışını eşitmədən, daha da tez uzaqlaşır. Partiya komitəsinin girişi. Qaplan oturub. Gözləmə dəqiqələri uzanır. Qaplan hövsələsiz həyəcandadır. Rəngi ağarmış Saryov heç kimə baxmadan otaqdan çıxır. Qaplan kabinetin qapısına yaxınlaşıb, cəsarətsiz açır. Orada telefon zəngi eşidilir. Qaplan qapını astaca örtüb, səssiz pəncərəyə tərəf keçir. Nəhayət, Qaplanı kabinetə çağırırlar. Partiya komitəsinin katibi yazı masasının arxasında tək oturub. Qaplan qorxaraq, salamlaşır. P a r t i y a k o m i t ə s i n i n k a t i b i. Otur! Q a p l a n. Niyə oturum? P a r t i y a k o m i t ə s i n i n k a t i b i. Otur! Q a p l a n (ürəksiz kətilin kənarında oturur). Mən layihənin yoxlanması ilə nə qədər məşğul oluramsa, heç nə alınmır... Amma faciə göz qabağındadır. P a r t i y a k o m i t ə s i n i n k a t i b i. Bilirik... Aydınlaşdırarıq. Amma sən öz işini davam etdir... Q a p l a n. Necə? P a r t i y a k o m i t ə s i n i n k a t i b i. Hə... Hə! Sənə deyirlər: get və işlə! Torpaq işləri gedən yer. Qaplan layihə üzərində işləyir. Mişka yaxınlaşır. Q a p l a n. Görürsən, Mişka, mən yenə də öz yerimdəyəm. M i ş k a. Bəs necə... Mənim briqadamda hamı belə fikirləşirdi. Elə başqaları da danışırdılar. Q a p l a n. Başqaları danışırdı, amma Altunsaç məndən üz döndərib. M i ş k a. Sən ondan incimə. O, fəlakətdən dəhşətə gəlib... Hamı səni günahlandırırdı. Ona ağır idi. Mən bunu görürdüm. Uzaqda yolda Saryov və Salman. Onlar Qaplana tərəf gedirlər. S a r y o v (rişxəndlə). Sizi təbrik edirəm! Q a p l a n. Nə ilə? S a r y o v. Onun üçün ki, “şir” yenə də yerindədir. Q a p l a n. Eybi yoxdur, “Cücəni payızda sayarlar”... Qaplana yaxınlaşırlar. S a l m a n. Təbrik edirəm. Çox şadam. S a r y o v. Amma bilirsiniz, yoldaş Qaplan... Pis hadisələrdən qaçmaq üçün, bilirsiniz, sürəti azaltmaq lazımdır. Əlimyandı nəyə lazımdır. S a l m a n. Yoldaş Saryov, sürət nə şeydir! Bu qədər vəzifələrin qarşısında tısbağa yerişi ilə getmək olmaz axı. Geniş müşavirə çağırılmışdır, burada Qaplan gələcək Mingəçevirin maketini nümayiş etdirəcəklər. Müşavirə hələ başlamayıb. Dəvət olunanların çoxu oturub. Qaplan, partiya komitəsinin katibi, Avak və Mişka bir kənarda dayanıb, söhbət edirdilər. Saryov gəzişir. Salman aə Altunsaç pəncərənin yanında dayanıblar. Salmanın sözləri, görünür, Altunsaçın xoşuna gəlmir. A l t u n s a ç. Axı, sizin arvadınız, uşaqlarınız var... S a l m a n. Onun savadı azdır, məni başa düşmür... A l t u n s a ç. Siz axı partiyaçısınız, onu öyrətmək – sizin borcunuzdur! S a l m a n. Amma mənim ürəyim Sizin haqqınızda düşüncələrlə doludur. A l t u n s a ç. Xahiş edirəm ürəyinizi cilovlayasınız. Mən Sizi sevə bilmərəm! Altunsaç, Salman uzaqlaşaraq Qaplanın qrupuna yaxınlaşır. Bu zama Abdullayev əlində güllər gəlir. O, növbə ilə Qaplana, Altunsaça, partiya komitəsinin katibi Saryov yaxınlaşır, hər birinə gül verir, bu zaman xoş söz deyir. Nəhayət, o, pəncərənin yanında dayanan Salmana yaxınlaşır və ona da gül verir. A b d u l l a y e v (sakit). Bu gün Bakıya gedirəm, heç bir tapşırığınız olmayacaq? Salman gülü götürür. Təbəssümünü saxlayaraq, eyni zamanda sakit və ciddi danışır. S a l m a n. Sakit! Axşam gələrsən. Abdullayev yenə də təbəssümlü gözləri ilə hamıya nəzər salaraq, baş əyib, gedir. Katibin səsi eşidilir. P a r t i y a k o m i t ə s i n i n k a t i b i. Yoldaşlar, başlamaq vaxtıdır! Hamı öz yerini tutur. Salman və Saryov yanaşı oturublar. O biri tərəfdən yanaşı dayanan, maketə baxan Altunsaç, Mişa, Avak və Həsən görünür. Q a p l a n. Mingəçevir milyon hektarlardan çox suvarılmış torpaq deməkdir, (kadr: içi ilə su axan saysız-hesabsız kanallar). Ucsuz-bucaqsız Mil-Muğan düzlərini pambıq qozaları örtmüşdür. (kadr: pambıq sahələri) Kür ram edilir və insana qulaq asır (kadr: Kürün bəndləri və şlüzləri), sel yoxdur, bataqlıqlar yoxdur, malyariya da yoxdur... Bizim əməksevər xalqın üzündən sağlamlıq yağır. (kadr: sağlam kolxozçu kişilər və qadınlar kombaynlarla taxıl biçirlər), Kür gəmiçiliyə yararlıdır və gəmilər bir-birinin ardınca Xəzərə doğru hərəkət edir, şimala və geriyə (kadr: çay gəmiləri)... Azərbaycan çiçəklənir... Yeni şəhərlər və kəndlər salınır (kadr: yeni qəsəbələr, yeni parklar, bağçalar) Varlı həyat, mədəni həyat, şən həyat azad dünyanın bəzəyir, hər yerdə azad əmək var... Birinci salman əl çalır. Hamı ona qoşulur. Şən səslər. Alqış səsləri. S a r y o v (kinayəli gülüşlə Salmana). Xam xəyallar! S a l m a n. Bizdə necə deyərlər: xəyal plov – arzudan hazırlanan plov. S a r y o v. Yaxşı deyilib (özündən razı hırıldayır) Gənclər və qocalar Qaplanı əhatəyə alır, onun əlini sıxırlar. Altunsaçın xoşbəxt çöhrəsi. Qaplanın gözləri onu axtarır. S a l m a n (Saryovun gülüşünü kəsərək). Gülürsünüz, yoldaş Saryov? Yenə də layihə həyata keçir. Siz bunu başa düşürsünüz, Saryov? S a r y o v. Həyata keçir! Axşamdır. Qadınlar və uşaqlar dəstə-dəstə barakın qarşısında dayanıb söhbət edirlər. Saz və qarmon gəlir. Kimsə oynayır. Mişa və Həsən camaatın arasından çıxaraq, təpəyə qalxıb, işə gedirlər. Uzağa baxırlar. Yol ziqzaq şəklində dağlardan aşağı enir. Hava qaralır. Yol ilə atlı gəlir. Birdən onun arxasıyca, elə bil ona çatmaq üçün, bir avtomobil işıqlarını yandırıb-söndürür. Mişa və Həsən gərginliklə maşını izləyirlər. Maşın ata çatıb onu vurur. Atlı yerə yıxılır. Fəhlə kütləsi arasına uğultu düşür: o an mahnı və musiqi səsləri kəsilir. Hamı fəlakət baş verən yerə atılır. Həsən Altunsaç yaşayan evə qaçır. Tələsik pilləkənləri çıxır. Atlar hazır vəziyyətdədir. Altunsaç və Həsən atlara minib, hadisə yerinə gedirlər. Qaplan yerə uzanmışdır. Onun yanında Mişa və Avak, onların yanında Salmanın maşını dayanıb. Partiya komitəsinin katibi, milis işçiləri hadisə yerindədirlər. Salman barmaqlarını sındırır. S a l m a n (barmaqlarını sındıraraq). Neçə dəfə siqnal verdim. M i ş a (reprika atır). Nədənsə siqnal səsi eşidilməmişdi... S a l m a n. Enişdir... Maşını saxlamaq olmurdu. Nə dəhşətli hadisədir! Altunsaç yerdə hərəkətsiz uzanmış Qaplana tərəf əyilir. H ə k i m: Onda güclü baş əzikləri var və ayağı çıxıb. Onu təcili xəstəxanaya aparmaq lazımdır. Altunsaç, Mişa, Həsən və Avak Qaplanı xərəyə qoyub, avtomobilə sarı aparırlar. O, huşunu itirmişdir. Qaplana baş verən fəlakət idarə rəisinin gəlməsinə səbəb olur. Altunsaç, Salman, Saryov, partiya komitəsinin katibi və başqaları otaqdadırlar. İdarə rəisi diqqətlə dinləyir. S a r y o v. Mən bir qoca mühəndis, bitərəf bolşevik kimi işin tamamilə dayandırılmasını təkid edirəm. Layihəni yoxlamaq lazımdır. Risk etmək lazım deyil. İnşaat elmi-dəqiq elmdir... Heç bir fantaziyasız... Mən uğursuzluğu əvvəlcədən görürdüm. Mən layihələri Bakıya göndərməyi təklif edirəm... S a l m a n. Mən Saryovla razıyam. Görünür, layihədə qeyri-dəqiqlik var. Amma yaddan çıxarmaq lazım deyil ki, dövlətin pulları xərclənmişdir və ona görə də yoxlanmış layihəni tez almaq və işi davam etdirmək lazımdır. A l t u n s a ç. Məncə, layihəni yoxlaya-yoxlaya, eyni zamanda işləmək lazımdır. K a t i b (razı şəkildə gülümsünür). Mən də bu fıkirdəyəm. (Altunsaça müraciət edərək) Əgər mən bu işi Sizə həvalə etsəm, siz mənə nə cavab verərsiniz? (gülür). A l t u n s a ç. Mənə? P a r t i y a k o m i t ə s i n i n k a t i b i. Hə, hə, sənə! İşi davam etdir, Altunsaç! A l t u n s a ç (qısa düşüncədən sonra, həyəcanlı). Mən hazıram. Mən boynuma götürürəm... ancaq yalnız sizin köməkliyinizlə, kollektivin köməkliyi ilə. S a l m a n (ona yaxınlaşır, sevinclə əlini sıxır). Afərin, mən sənə kömək edərəm! Altunsaç əlini çəkərək dinməzcə Salmana baxır. Altunsaçın təklifi ilə iş yerinə yollanırlar. Həsən atları verir və özü də onlarla gedir. Mişa və Avakı yeraltı yolda işləyən görürlər. M i ş a. Beton bekaradır və azdır... S a r y o v (əsəbi). Betonu mən düzəltmişəm?.. Necə var, elə də verirəm. Bax, Bakıdan təzəsini alacağıq. Abdullayev gələcək. A l t u n s a ç. Abdullayevi daha gözləməyin. Mişa heyrətlə və sual dolu baxışlarla Altunsaça baxır. Altunsaç Mişaya diqqət yetirmir. (Narazı halda Saryova) Belə bərkitmə heç nəyə yaramır! Sizə məlum olmalıdır ki, burada süxurların yatımının şəraiti və onların tərkibi sürüşməyə qarşı əlverişlidir... Siz məyər hiss etmirsiniz ki, bundan yeni fəlakət iyi gəlir? Yenidən bərkitmək lazımdır... Mən özüm buna nəzarət edərəm. Saryov vəziyyəti müdafiə etmək istəyir. Salman elə bil ki, Altunsaçla razıdır. S a r y o v. Deməli, siz mənə inanmırsınız? Bilirsiniz, mənim çoxillik təcrübəm... A l t u n s a ç (onun sözünü kəsir). Mən heç vaxt sizin texniki biliyinizə şübhə etməmişəm, amma təkrar edirəm... Bərkitməyə özüm nəzarət edəcəyəm. Onun ciddi tonu Saryovu susmağa məcbur edir. Ətrafdakılar sakitcə baxırlar. Saryov bir az özünü itirib. M i ş a (sözarası, sakitcə Həsənə). Nə əcəb, Abdullayev? H ə s ə n (hər şeyi bilən bir görkəmlə). Hə! (Sifətinin ifadəsi ilə başa salır ki, o həbs olunub). Altunsaça yaxınlaşır və sezilmədən onun ovcuna yazı qoyur. A l t u n s a ç (gülərək oxuyur). Mişa mənə telefonla dedi ki, sən mənim yerimə təyin olunmusan. Təbrik edirəm. Sənə görə, bizim işimizə görə şadam. Aşığın nəğməsini yadıma salıram. “Mənim sazımın dahiyanə tellərinə inan: yaz gələcək və xalq yeni bir Altunsaç yetişdirəcək! Və yenə də arxlarda su şırıldayacaq, torpaq dirçələcək, güc yığacaq və bizim vətənimiz xoşbəxtlik və məhəbbət işığı ilə nurlanacaqdır”... Mən xoşbəxtəm ki, mənim xalqımın ən əziz arzusu həyata keçir! “Sənin aşiqin Qaplan” A l t u n s a ç (şən halda telefona tərəf qaçır). Qaplan? Təbrikə görə sağ ol! Keyfin necədir? (pauza) Çox şadam. Axşamdır. Salman Saryovun qapısını döyür. Qapıdan qoca qarı görünür. S a l m a n. Yoldaş Saryov evdədir? Q a r ı (var qüvvəsi ilə, amma sakit). Yoxdur! Bir oğlan gəldi və onu apardı... S a l m a n (rəngi ağarmış). Çoxdan? Q a r ı. Beş-altı saat olar! Salman sarsıntı keçirir. O, nə isə soruşmaq istəyirmiş kimi fikirli dayanır. Amma bir qədər tərəddüddən sonra tez dönür və gedir.m Gecədir. Altunsaç tuneldə işləyir. Salman bir dəqiqəlik fasilədən istifadə edərək: S a l m a n. Yoldaş Altunsaç, mənim başıma bədbəxtlik gəlib; arvadım ölüm ayağındadır. Mən bu saat stansiyaya, oradan da birinci qatarla Bakıya getməliyəm. A l t u n s a ç. Bizim tələsik işlərimiz var. Sabaha qədər gözləyərsiniz. S a l m a n. Axı arvadım... uşaq... A l t u n s a ç. Yoldaş Salman, arvadınızı yadınıza salmısınız? O axı savadsızdır. Sizi heç kəs başa düşmür və başa düşməyəcək! Məndə mərhəmət axtarmayın, verə bilmərəm. Salman, Altunsaçın əhval-ruhiyyəsini anlayıb, dönüb gedir. Xəstəxana. Qaplan uzanıb. Altunsaç, Mişa, Avak və Həsən ona baş çəkməyə gəliblər. Gül, şirniyyat gətiriblər. Həsən isə dəsmalın arasında ev piroqu gətirib. Qaplan mütəəssir olmuşdur. O, hər şeydən əvvəl işlə maraqlanır. Q a p l a n. Tunel necədir? A l t u n s a ç. Bu günlərdə nəticəni gözləyirik. Q a p l a n. Heyif ki, mən olmayacağam. M i ş a. Eybi yoxdur. Sən sakit uzan. Tez sağal. A v a k (nəfəs alaraq). Qaplan, sən öküzü öldürmüsən, ancaq dərisini çıxaranda bıçağı sındırmısan. Q a p l a n. Təəssüf. M i ş a. Eybi yoxdur, Qaplan. Dərini bir yerdə soyarıq. Altunsaç Qaplanın canlanmış sifətindən gözünü çəkmir. Mişa onun baxışlarını tutur və hər şeyi başa düşür, pauzadan sonra. M i ş a (təlaşla). Həsən, Avak, gedək işə... Mişa və Həsən ayağa dururlar. Sağollaşırlar. Həsən axırıncı dəfə Altunsaça və Qaplana nəzər salır Mişa və Avaka baxıb bic-bic gülür. Yerin altında qızğın iş gedir. Tunelin çəkilməsinin qızğın çağıdır. Altunsaç işə rəhbərlik edir. Mişa, Avak və Həsən də buradadırlar. M i ş a (işləyə-işləyə). Uşaqlar, xəbəri eşitmisiniz? Gecə Salmanı tutublar. H ə s ə n (sevincək). Bizdə atalar sözü var: “Suyun lal axanından qorx”. A v a k. Deməli, onu da bizim ağcaqanadlarla döyüşən döyüşçünü saldıqları yerə salıblar. H ə s ə n (vurğulu). Cəhənnəmə gedən özünə yoldaş axtarar. Hamı gülür. Səs eşidilir. S ə s. Bizim Həsənin sözlərində nə qədər həqiqət var!” İş öz gərgin anına yaxınlaşır. Tuneli yaran iki fəhlə qrupun bir-biriləri ilə qarşılaşması gözlənilir. Altunsaçın həyəcanı hiss olunur. Həsən tez-tez ona yanaşır. H ə s ə n. Telefona çağırırlar... A l t u n s a ç. Partkom? Hələlik müvəffəqiyyətlə... Qayıdır. İş qaynayır. Altunsaç, dinləyərək, bir fəhlənin yanından digərinin yanına keçir, ruhlandırır: “Afərin, uşaqlar!” H ə s ə n. Telefona çağırırlar... A l t u n s a ç (narazı halda telefona yaxınlaşır). Hə, hələ görüşməmişik, gözləyirik... Yerinə qayıdır. Mişa, gülərək işləyir. M i ş a. Görünür: tək biz həyəcanlanmırıq. Yenə də Həsən gəlir. Altunsaç bunu anlayır. A l t u n s a ç (əsəbi). Dəstəyi götürmə! Xəstəxana. Qaplan özünü yuxuluğa vurub. Tibb bacısı barmaqlarının ucunda gedir. Qaplan ehtiyatla gözlərini açıb, tibb bacısını izləyir. Onun getdiyinə əmin olub, ayağa qalxır, axsaya-axsaya telefona yaxınlaşır. Telefon cavab vermir. Səsə tibb bacısı gəlir. T i b b b a c ı s ı. Xəstə, Allah xatirinə! Mən axı Sizdən xahiş etmişdim... xəstə, indi həkim gələcək və dava düşəcək... Tuneldə işlər daha gərginliklə davam edir. Altunsaç daha həyəcanla qulaq asır. Əks tərəfdən küt səs gəlir. Onun üzü işıq saçır, amma həyəcan onun üzündən tam çəkilməyib: A l t u n s a ç. Cəld, uşaqlar! (Telefona yaxınlaşır, zəng edir) Daşınma üçün adam göndərin... Tuneldə fəhlələr işi daha əzmlə davam etdirirlər. Altunsaç işə gərgin nəzarət edir. Tunelin ağzı açılır. Torpaq parçaları Həsənin üstünə tökülür, o, yerə yıxılır. Mişa onu qaldırır, sağ-salamat olduğunu görüb, gülür. M i ş a. Az qalmışdı ki, Nazlı dul qalsın. (Ətrafdakılar gülür.) Hər iki qrupun fəhlələri ağzı açılmış torpağın arasından bir-birilərinə əl verirlər. Şənlik əks-sədası. S ə s l ə r. Yaşasın Altunsaç!, Yaşasın Qaplan! Altunsaç özündə deyilmiş kimi telefona qaçır. Qaplanı çağırır. Xəstəxana. Qaplan telefondadır. Tibb bacısı onun yanında vurnuxur: T i b b b a c ı s ı. Xəstə, Allah xatirinə! Siz məni pis vəziyyətdə qoyursunuz... Baş həkim bilər... Uzanın, xəstə. Tunel... Altunsaç telefonla danışır: Q a p l a n. Altnsaç, Altunsaç! A l t u n s a ç. Tuneli keçdik... Təbrik edirəm! İşləri qurtaran kimi sənin yanına gələcəyəm. (Səs kəsilir.) Xəstəxana. Qaplan telefonla danışır: Q a p l a n. Altunsaç, Altunsaç! Cavab yoxdur. Yalnız fəhlələrin şən səsləri eşidilir. Birdən sakitlik çökür. Həsən sazda Altunsaç haqqımda əfsanə oxuyur. * * * Kitabxana.az · https://kitabxana.az/collections/cemenzeminli-altunsac İctimai mülkiyyət (müəllifin vəfat ili: 1943). Public domain (author died 1943). Original text only.