Ana və analıq Yusif Vəzir Çəmənzəminli (1887–1943) ANA VƏ ANALIQ BİR NEÇƏ SÖZ Dörd-beş il var ki, arvad məsələsinə dair məlumat toplamaqdayam. Bunun nəticəsi olaraq “Arvadlarımızın halı”, “Qanlı göz yaşları” və arvadların ağır vəziyyətini təsvir edən bir neçə hekayə qələmə almağa müvəffəq oldum. Lakin bununla əsil məqsədimə çatmadım. Çünki böyük bir məsələ barəsində fikir və rəyi iki risalə vasitəsilə bəyan etmək mümkün deyil idi. Bu barədə bir xeyli kitabçalar yazmaq lazım gəlir. Ümidim bunadır ki, vaxtım olduqca düşünüb bildiklərimi yenə də məlum edəm. Hələlikdə “Ana və analıq”ı təqdim edirəm. Möhtərəm oxucular qüsurlarımı göstərsələr məni artıq məmnun edərlər. Student: Yusif Vəzirov Firuzə, avqust, 1914 I. arvad əziz məxluqdur Təbiət arvadları xəlq edəndə bunlara böyük bir vəzifə verib: insanların artmasını, tərbiyəsini və salamatlığını bunlara tapşırıb. Kişilər insanların artmasında müvəqqəti olaraq iştirak etdikdə arvadlar ömürlərinin çoxusunu bu yolda sərf edirlər. Hər uşağı doqquz ay qarınlarında daşıyıb cürbəcür əziyyət və məşəqqətə davam edirlər, onların salamatlığı yolunda öz istirahət və rahatlıqlarından əl çəkirlər. Bala doğulub dünyaya gələn kimi özünü anasının qucağında görür. Arvad bu zaman yeni bir dairəyə girib analıq kimi pak bir vəzifəni ifaya başlayır. Arvad üçün burada yeni bir meydan – fədakarlıq meydanı açılır. Uşaq nə qədər doğulmamışdı, ananın qanı ilə pərvəriş tapırdı, indi isə ananın südü ilə canlanır, böyüyür. Deməli, ana öz balasının uğrunda canının əziz və qiymətli mayasından əl çəkir. Hələ bununla iş qurtarmır, ana cəmi fikrini övladının xoşbəxtliyinə sərf eləyir: ona tərbiyə verir, pisi və yaxşını başa salır, dostunu və düşmənini tanıdır. Onun sağ-salamatlığı üçün var qüvvəsini əsirgəmir. Bala azarladımı, ana da onun azarına şərik olur, bala bişüur oldumu, dərdini ana çəkir, balanın xoşbəxtliyinə bir xətər yetdimi, ananın ürəyi sızıldamağa başlayır. Övladı öləndə ana yeməkdən-içməkdən əl götürüb, gününü göz yaşları ilə keçirir və cəmi ömrünü qəm dəryasına döndərir. Balalarının dalınca anaların özlərini yanar odlara, dərin dənizlərə vurub fövt eləməkləri adi işlərdən biridir. Çünki analıq fədakarlıqdan, fədakarlıq da analıqdan ibarətdir. Bu iki ləfz bir-birindən ayrı yaranmayıb. Təbiət ananı xəlq edəndə onunla bərabər fədakarlığı da yaradıb və ziqiymət hədiyyə olaraq ona əta edib. Fədakarlıq arvadların mənəvi zinətidir ki, ondan uca heç bir şey ola bilməz. Pəs, arvad təbiətin dostudur, onun ən sevimli məxluqudur. Çünki arvad öz balaları yolunda fədakarlıq etdikdə insaniyyət yolunda fədakarlıq eləyir, onların dərdinə qaldıqda insaniyyətin dərdinə qalır. Onlar hamiləlik zəhmətinə, doğmaq əziyyətinə davam etməsələr, balaları hər bir xətərdən hifz eləməyə hazır olmasalar, insaniyyət yox olub gedər. Arvad üç-dörd balanın yox, cəmi insanların mürəbbisi olub onlara dirilik kimi əziz bir şeyi verəndir. Analar böyük vəzifələrini ifa etdikdə heç bir əvəz almaq fikrində olmurlar. Çünki əvəz adi insan arasında, xüsusi işlərdə olar. Analıq isəb xüsusilikdən çox uzaqdır. Analıq o qədər ucadır ki, öz-özlüyündə elə bir müvəffəqiyyətdir ki, ona nail olmağa biz kişilər layiq olmamışıq. Bu imtiyaz təkcə arvadlara verilib. Iı. analıq hissi müqəddəsdir Qədim yaponlar bir xeyli allahlara etiqad edirdilər. Bu allahların başçılığı arvad əlində idi, adına Amatərasu deyirdilər. Amatərasu Günəş ilahəsidir (...) Dürüst fikir etdikdə bu etiqadda dərin bir fəlsəfə olmağını düşünürük: dünyaya Günəş işıq və istilik bağışlayıb dirilik verən kimi, arvad da insaniyyətə belə xidmətdə bulunur. Amatərasu allahlar cərgəsində olub onlarla əlahiddə bir əlaqədə bulunan kimi arvad da uca vəzifəsi ilə allaha yavıqlaşır. Onun uca məqsədinin əmələ gəlməsinə xidmət edir. Belə olduqda arvadların xilqətində bir müqəddəslik olmağı aşkardır. Bu müqəddəsliyə qədim almanlar da etiqad edirdilər. Bu səbəbdəndir ki, qədim almanlar bir iş başladıqda arvadlarla məsləhət və məşvərətdə bulunurdular (...) Arvadın allaha yaxın olub onun müqəddəsliyinə şərik olması fikri türk milləti arasında da müşahidə olunur. “Ata və ana övladın kiçik tanrısıdır” məsəli zənnimizin doğruluğunu isbat eləyir. Heyfa ki, qaba və riyasətpərvər kişilərimiz qara bulud kimi, bu nuru örtüb gizlətmək istəyirlər. Arvadlar üçün çarşablar, qıfıllar, uça divarlar icad edirlər. Elmdən uzaqlaşdırıb fikirlərini, zehinlərini qaranlıqlar ilə əhatə edirlər. Bunlara baxmayaraq allah səsi arvadların qulaqlarından çəkilmir, deyir: “Ey əziz məxluq. Sənsən fikirlərimin vasitəsi. Arvad olduğunu unutma”. Bunun üçün arvadlarımız doğmağa, övlad anası olmağa həris olurlar. Hansı arvadın övladı olmadı, onu özünə böyük dərd hesab eləyir. Ana olmaq yolunda əlindən gələni müzayiqə eləmir. Həkim yanına gedir, dava-dərman yeyir, falçılara müraciət eləyir, dualar və ocaqlar gücünə ümid bağlayır. Arvadlarımız yaranışlarının müqəddəsliyinə gözəlcə inanırlar. Hər kəs onlara zülm etsə, dostları allaha müraciət edirlər, “Qara saçın naləsi yerdə qalmaz” deyirlər. Arvad döşləri əlində nalə eləsə və ya başının tükünə şam bağlayıb uca qüllədən və məscidin minarəsindən assa, xalqın nəzərincə, o arvadın səsi allah tərəfindən eşidilər, istədikləri əmələ gələr. Bunlardan savayı ana südündə bir hikmət olmağına camaatımız etiqad eləyir. Analar övladlarına acıqlandıqda deyirlər: “Südüm səni tutsun”, “Südümdə varsa, sənə göstərsin”, “Südüm burnunun deşiklərindən gəlsin”. Iıı. arvadlara hörmət etməlidir Arvadlar xilqətdə əziz olub böyük bir vəzifəyə malik olduqda, onlara əziyyət etmək günahdır. Arvadı döymək, onu söymək xilqətə çirkin hərəkətlər isnad vermək kimidir. Haqqın dostunu məyus etmək onun özünü incitmək deməkdir. Insaniyyət nöqteyi-nəzərindən də baxsaq, arvadı döymək insafsız işlərdən biridir. Əsrimiz tərəqqi əsridir, adam döymək zamanı çoxdan keçib gedib. Indi ancaq vəhşi qövmlər arasında mövcuddur. Hərgah mədənilik adı qazanmaq istəyiriksə, belə çirkin hərəkətlərdən gərək əl götürək. Arvada da hörmət etmək hər bir kişiyə vacibdir. Küçədə qabaq-qabağa gəldikdə arvada ehtiram ilə yol verməlidir, tramvayda və ya konkada arvadlar ayaq üstə qalsa, gərək kişilər durub yerlərini onlara versinlər... Belə-belə adətlər avropalılar və amerikalılar arasında mövcuddur. Məsələn, “Titanik” gəmisinin tarIxini nəzərə aldıqda, arvada nə dərəcədə hörmət edilməsi biz asiyalıları qeyrətə gətirir. Gözü ilə görən nağıl eləyir ki, “Titanik” suda üzən bir buz qayasına toqqaşıb ümidsiz bir halda xarab olduqdan sonra kapitan əmr elədi ki, kişilər qayıqlardan kənar çəkilsinlər. Kişilər kamali-sükutla kənara çəkildilər. Xanımlar qayıqlara əyləşdilər. Bir neçəsi ərlərindən aralanmağa razı olmayıb, bir yerdə suya qərq olmağı qəbul etdi. O cümlədən qoca bir qarı (milyoner Ştrausun) arvadı əri ilə qucaqlaşıb bir yerdə suya batdılar. Lazımi nizam bərpa idi, kişilər qayığa minib nicat tapmaq meylində olmadılar. Ağlamaq və qorxu səsi əsla eşidilmirdi. Bu minvalla nəcib kişilər qayıqları arvadlara və uşaqlara verib özləri ölüm şərbətini mərdliklə içdilər (...) Iv. arvada ixtiyar verməlidir Arvadlarımızın ixtiyarsız bir parça şey mənziləsində olmadıqlarını qabaqda nağıl eləmişdik. Bu barədə burada müfəssəl danışmağın lüzumu yoxdur. Ancaq bunu deyəcəyəm ki, arvadlara ixtiyar verməməyə, onları ağlı naqis bilib özümüzə qul kimi tabe eləməyə heç bir haqqımız yoxdur. Bunsuz insanın diriliyi bir qəpiyə dəyməz. Arvada ağlı az demək də böyük səhvlərdən biridir. Avropalılar da axır vaxtadək bu məsələ ilə məşğul idilər, hükəma arvadın beynini ölçüb-biçməyə, tərəziyə qoyub çəkməyə vaxtını sərf eləyibdir. Bu minval ilə isbat edirdilər ki, arvadın ağlı kişininkindən azdır. Təcrübə isə əksinə göstərdi. Arvadlardan bir xeyli istedadlı ədiblər, rəssamlar, heykəltəraşlar, professorlar, həkimlər və qeyriləri əmələ gəldikdə “naqislik” məsələsi öz-özünə məhv olub getdi. Bizim təzədən bu barədə danışmağımız boş işlərdən biridir. Yaxşısı budur ki, arvadların üstündən bu töhməti vaxt ikən götürək. Bunlara xüsusi tərbiyə verilsə, bunlar üçün ləyaqətli məktəblər bina olunsa, kişilərə yol göstərməyə qadir olarlar. Indilikdə Qafqazda bir neçə xanımlarımız əmələ gəlib ki, istedad və elmləri sayəsində “naqislik” ləkəsini arvadların adından silib təmizləməkdədirlər. Möhtərəmə Həmidə xanım Cavanşir öz mülkünü dolandırmaqda, abad eləməkdə qeyri-zəmindar bəylərimizdən geri durmur. Bəlkə onlardan artıq karkün olub, istedadda, qabiliyyətdə hamını mütəhəyyir qoyub. “Russkoe slovo”, 1912, № Mənim “Arvadlarımızın halı” adlı risaləmə baxın (müəllif). Bakıda Hənifə xanım Məlikova qız məktəbi nazirliyində millətimizə tərbiyəli analar yetirməkdədir. Bu hörmətli xanım müəllimlikdən savayı avam arvadlar üçün bir məsləhət yeri olub. Hər kimin nə dərdi var, buna deyib çarə istəyir. Kiminə ərizə yazır, müşküllərini həll eləyir, azarlılarına həkimi tanıdır, mərizxananı nişan verir. Bu həmin xanımdır ki, Peterburqda müəllimlər mədrəsəsində kişilərimiz cürət edib danışmadığı bir halda nitq söyləmişdi. Arvadların ağlı naqisdirsə Həmidə və Hənifə xanım kimi şəxslər necə əmələ gəlib? Bunlar min kişiyə ağıl öyrədər. Yenə, Bakıda həkim Aminə xanım Bəradərşah Peterburqda ali məktəb qurtarıb. Bu xanım da minlərcə arvad və kişiləri müalicə edib ölümdən qurtarıb. Ağlı az insanda da bir bu qədər istedad və kamillik olarmı? Pəs, arvada ağlı naqis deməkdə səhvimiz var. Bunlara ixtiyar verib ağıllarının genişliyinə çalışılsa, heç bir şeydə kişilərdən geri durmazlar. Arvad ixtiyarsız olduqda bundan böyük ədalətsizlik baş verir. Bunun da xətəri həm arvada toxunur, həm də millətimizə. Bir qızı atası götürüb tanımadığı bir adama verdikdə görün nə qədər zülmlər əmələ gəlir. Ixtiyarsız qız atasının sözündən çıxa bilmir və cəmi ömrünü xoşlamadığı bir adamla keçirib diriliyini göz yaşlarında çürüdür. Ixtiyarsız arvad öz xahişi ilə ərindən boşana bilmir. Əri evindən qaçdıqda kişisi onu qeyri ərə getməkdən məhrum qoyur. Burada yeni müşküllər əmələ gəlir. Arvad boşanmaq üçün cürbəcür vəsilələrə əl atır: kəbinindən keçir, izzəti-nəfsindən keçir. Gündə bir mollaların, ağsaqqalların qabağında göz yaşları tökür ki, bəlkə ərini yola gətirələr, onu azad eləyə. Iş bununla qurtarmır. Qız tərəf talaq üçün yeni vasitələr axtarır və bu vasitələr də çox vaxt qanuna və insafa xilaf olur. Məsələn: Ittifaq düşür ki, arvadı azad etmək üçün onun ərini öldürürlər, çünki ər arvadına kağız verməmək fikrində olduqda ondan heç bir vasitə ilə arvadı boşamaq olmur. Kişinin ölməyi bu məsələni həll eləyir. Öldürmək mümkün olmasa, arvad cəmi ömrünü “kağız altında” keçirir və min cürə məşəqqətə davam edir. Belə də ittifaq düşür ki, kişi kağız verməyə razı olur, bu şərtlə ki, onu pul ilə razı eləsinlər. Onun da nəticəsi bu olur ki, əqdi-nigah müqəddəsliyini itirib oyuncağa dönür və hər yetən pul qazanmaq üçün qız almağa şüru eləyir. Axırda da qız bədbəxt olur. Arvadı ərindən biizin boşamağa camaatımız yeni bir vasitə tapıb, bu da küfr təriqilə əmələ gəlir. Çünki arvadı ağlı naqis bilirlər, bunlar kafir olub bir də islama daxil olsalar tövbələri şərən dürüst olur. Deməli bir neçə şahid yanında küfr elədikdə ərindən boşanmış olur. Talaq verilib asudəliyə çıxdıqda yenə müsəlmanlığı qəbul eləyir. Aşkardır ki, bu vasitə də şəriətin camaat gözündə nüfuzunu qırır, nigahın müqəddəsliyi yenə yox olur və əxlaq düşkünlüyü meydan tapır. Bu bir belə bədbəxtliyin səbəbi arvadın ixtiyarsızlığıdır. Hərgah arvad da kişilərlə bərabər bir hüquqa malik olsa idi, bu işlər ittifaq düşməzdi. Arvad övladının zəhmətini kişidən artıq çəkir, kişi isə özünü balalarının sahibi hesab eləyir. Halbuki arvadın təbii vəzifəsi qanununca o kişidən artıq ixtiyara malik olmalıdır ki, övladına tərbiyə və təlim verə bilsin. Bizim arvadlar avam ola-ola oxumuş kişilərdən çox maarifpərvərdirlər. Uşaqlarımızın məktəbə yollanmağının səbəbi çox vaxt anaları olur. Qız uşaqlarının oxumağına kişilər mane olduqda, arvadlar bu yolda var qüvvələri ilə çalışırlar. Bir müsəlman müəlliməsi nağıl eləyirdi ki, bir arvad qızını ikinci dərs başlananda məktəbə gətirirdi. Müəllimə arvaddan sual eləyir ki, niyə qızı məktəbə gec gətirir. Arvad cavab verir: ərim qızımın oxumağına razı deyil. Ərimi bazaar yola salandan sonra qızı məktəbə xəlvəti gətirirəm. Ərim evdən gedincə də məktəbin vaxtı yetişir. Burada da ixtiyarsızlıqdan böyük müşküllər əmələ gəlir. Bir-iki arvad ərlərindən xəlvət övladlarının oxumağı yolunda iş görə bilirlərsə, minlərcəsi görə bilmir və ərlərinin qorxusundan gözəl fikirləri arzu dairəsindən kənara çıxmır. Bu səbəbdən də köhnəliyimizdən aralanıb tərəqqi edə bilmirik. Arvadlara ixtiyar verilsə, işlər tamam dəyişilər. Elm aramızda yayılar və onun işığında diriliyimiz də asanlaşar. Ixtiyarlı arvad özünü xoşbəxt edən kimi, özgələrinin də xoşbəxtliyinə bais ola bilər. Ixtiyarsız arvad müftəxorluğa adət edib, kişilərə əngəl olur. Hüquqa malik arvad isə kişiyə dərd və qəm yoldaşıdır. Belə arvadlar analıq vəzifələrini yerinə yetirəndən sonra kişilərlə bərabər təminiməişət üçün çalışmağa qadir ola bilirlər. Indi qədim zaman deyil ki, bir kişi neçə arvadı saxlamağa qüvvəli olsun, mübarizeyi-həyat hər yerdə şiddətlə irəliləməkdədir. Vaxt ikən arvadlara hüquq verilməlidir ki, bunlar kişilərə qoşulub dirilik boyunduruğuna şərik olsunlar. V. analıq Arvadın əsil vəzifəsi analıqdan, evdarlıqdan və zövcəlikdən ibarətdir. Bu çətin və çətin olduğu qədər də vacib işlərdən biridir. Bir analığa dair neçə cild kitab yazılsa kifayət eləməz. Ana insaniyyət yanında məsul olduğu üçün doğduğu balanın salamat və tərbiyəli olmağına səy eləməlidir. Bunun üçün də arvad ilə kişinin ilk görüşüb əlaqədə olmalarından tutmuş sonralaradək gözüaçıq olmalıdır. Məsələn, kişi arvadla kefli (sərxoş) zamanında əlaqədə olsa, bundan salamat övlad olmadığı kimi, dəlilərin, ürəkgetməlilərin, vərəm və siflis kimi azarları olanların da övladları azarlı və eyibli olar. Bunları arvad ana olmamışdan qabaq gərək nəzərə alsın. Hamiləlikdə arvad yenə gərək elə dolansın ki, bətnindəki balaya xətər yetməsin. Bala dünyaya gəldikdə zəif və himayə edilməyə möhtac olur. Bu zaman ana çəmi səyini gərək balasını mühafizə etməyə versin. Statistikanın göstərdiyinə görə Qərbi Avropada cəmi ölənlərin üçdə biri beş yaşına çatmamış uşaqlar olur. Rusiyada avamlıq artıq olduğundan burada uşaq ölümü daha da artıq ittifaq düşür (60%)2 Yəqin ki, müsəlman ölkələrində bu tələfat Rusiyadan da şiddətli bir haldadır. Uşağın ölümü anaya bağlıdır. Ana kamil olsa uşağı ölümə verməz. Yoxsa avam olub gündə balasını çöpcüyə, dua yazana və qeyri- yerlərə aparsa, əlbəttə tələf olub gedər. Uşaq gərək tez-tez çimdirilsin, paltarı dəyişilsin, vaxtında yatırılsın, gündə neçə saat da təmiz havada gəzdirilsin. Cismani tərbiyədən savayı uşağın ruhani və ya əxlaqi tərbiyəsi də var, bu da uşaq ananın qucağında ikən başlanır. Əsil tərbiyə bundan ibarətdir ki, buna da ev tərbiyəsi deyirlər. Hərgah bu tərbiyə yaxşı oldu, uşaq gələcəkdə xoşbəxt olur, yaxşı olmasa, evdə tərbiyə görməmiş uşağı məktəb düzəldə bilmir. Çünki altı-yeddi yaşadək uşaq gördüyünü götürür, məktəbə hazır gəlir. Daha uşağın cəmi vücuduna yerləşmiş tərbiyəni məktəb uçurmağa qadir ola bilmir. Atalar demişkən “südlə gələn sümüklə çıxır”. Ana tərbiyənin nə dərəcədə vacib olmağını gərək düşünsün. Özünü islah edib övladına örnək (sərməşq) etsin. Yalan, oğurluq və əxlaqən pozğun hərəkətləri balalarına qadağan eləsin. Onları pis yoldaşdan gözləsin, başlı-başına buraxmasın. Д-P Epмaнyэлa Л.M.Meйep. Oт дeвoчkи k жeнщинe. Пp. Boдлый. Cтaтиcтиka Bala sual verdikdə, ana gərək ona acıqlanmasın, onun sualına ehmallıca cavab versin, cəhd eləsin ki, cavabı ciddi və doğru olsun. Uşaq gözünü açıb ətrafındakıları gördükdə onları bilmək istəyir. Odur ki, hədsiz və hesabsız suallar verir. Beləliklə balalar məlumat toplayırlar. Səhih məlumat uşağın ağlını genişləndirir, avam sözlər isə onu axmaq ə gülünc bir hala gətirir. Uşağı məktəbə qoymaq da analara mühəvvəl olunur, çünki kişilər həmişə çörək dalınca gedirlər, övladlarından xəbərləri olmur. Ilk oxumaq və yazmağı da ana öyrədir. O, uşağı zora salmamaq üçün oyun təriqilə öyrədir, hərdən bir az. Uşaqlar ilbəil böyüyüb bir yaşdan o birinə keçdikdə yenə yaşlarına müvafiq analarına möhtac olurlar. Ana həmişə balaları ilə bir yerdə olduğu üçün onların hər bir sirrinə bələd olur (olmasa da gərək olsun ki, onları düz yola dəvət eləsin), onların namusunu gözləməyə və onları çirkin hərəkətdən çəkindirməyə qadir ola bilir. Ələlxüsus balalarçhəddi-büluğa çatdıqda ana artıq lazım olur. Bu zaman analar gərək övladlarından artıq mütəvəcceh olsunlar (...) Vı. evdar arvad Evdarlıq geniş məlumat və böyük məharət istəyir. Hər arvad evdarlığın bacarmaz, ələlxüsus savadsız və avam arvad. Ev bir məmləkətə bənzəyir, evdar arvad da onun padşahına. Padşah yaxşı olsa, məmləkət də nizam və qayda ilə dolanar. Şərt bir qazan bişmişi ocağın üstünə qoyub qaynatmaq deyil, arvad gərək evin hər bir dairəsinə nəzər yetirsin. Ən əvvəl təmizliyə diqqət versin. Ev hər gün silinib süpürülməlidir, otaqlarda hər şey öz yerində qayda ilə qoyulub baxanlara səliqə nə olduğunu duydursun. Külfət üzvlərinin təmiz libas geyməyinə evdar arvad çalışmalıdır. Mətbəxin nizamı da xanıma bağlıdır: aşbaz da hazırlasa, xanımın gözü bişmişin üstə olmalıdır ki, külfət təmiz və dadlı xörəklər yeyə bilsin. Evdar arvad səy eləməlidir ki, israf olunmasın, evin məkulatı hədər yerə dağılmasın. Bacarıqlı arvad evdə qış üçün tədarük görər, cürbəcür mürəbbələr bişirər, turşular və şorabalar (duzlu xiyar və qeyri) hazırlar, göyərti və meyvə qurudar, riçal qayırar. Qoçaq arvad hər şeydən mənfəət götürər, həyətdə qəşəng ləklər saldırıb göyərti əkdirər; toyuq, xoruz saxlar, kürt düşənini vaxtında basdırar, cücə çıxardarlar. Mümkün olsa inək saxlarlar ki, südü ilə balalar bəslənsinlər... Xülasə evdar arvadın vəzifəsi çox çətindir. Böyük hünər və qanacaq istəyir. Evə bir qonaq gəldikdə kişinin başını uca eləyən arvad olur. Lazımi bir qayda ilə qonağı qarşılayır, söhbətlərlə məşğul edir. Sonra çörək masasına dəvət eləyir. Buraların səliqəsi evdar arvadın ləyaqətli olub-olmamağını göstərir. Arvad oxumuş, qanacaqlı və bacarıqlı oldu, ailənin üzünü güldürəcək, yoxsa vay ərin halına. Getdikcə yaşamaq çətinləşir, çörək yolları azalır. Biçarə kişilərin zəhməti daha da artır. Özlərini oda-közə vurub külfətin yaşamağı üçün pul qazanırlar. Işdən sonra yorğun bir halda evə qayıtdıqda ev kişilər üçün gərək bir dincəlmək məkanı ola. Burada onlar gərək cəmi dərdlərini yadlarından çıxardıb rahat olsunlar, özlərini xoşbəxtlik aləmində görsünlər. Kişi üçün bu xoşbəxtliyin əmələ gəlməsi arvadın kamilliyinə bağlı deyilmi? Kişi axşam evi təmiz və işıqlı, bişmişi hazır, balalarını tərbiyəli gördükdə əlbəttə dərdləri yadından çıxar. Arvadın xoş rəftar və uşaqların mehribanlığı kişi üçün böyük xoşbəxtlik gərək olsun. Vıı. arvad zövcəlikdə Ər və arvad iki yoldaşdır. Bunlar bir-birilə əl-ələ tutub şərt kəsirlər. Kişi deyir: arvad, razısanmı mənimlə ömür yoldaşı olasan? Mənim borcum çörək qazanıb səni və gələcəkdəki balalarımızı mürəffəhülhal dolandırmaqdır. Sənin də borcun bu olsun ki, balalarımızı böyüt, tərbiyə ver və evi dolandır. Arvad da razılıq versə, ortalıqda bir ittifaq əmələ gəlir. Bu ittifaqa nikah deyirlər. Nikahın ümdə şərti ər ilə arvadın bərabərliyi olur, biri o birinə zülm edə bilməz, biri o birinə tabe gərək olmasın və bu şərtlər əmələ gəlməsə, nikah düz və doğru olmaz. Bizim böyük bədbəxtliyimiz budur ki, ər arvadını özünə yoldaş bilmir. Beləliklə arvad ərinin heç bir şərtindən xəbərdar olmur. Bundan da böyük zərərlər əmələ gəlir. Məsələn, bir tacir öləndə arvadı bilmir kişinin alacağı haradadır, verəcəyi kimdədir, mülkü nə cür dolanırmış. Odur ki, kişi böyük mülkə və dövlətə malik olsa da, öləndən sonra dağılır. Pulları onun-bunun əlində qalır, tələf olur. Çünki kişi bu barədə arvadına heç bir məlumat verməmişdir. 1 Burada ümdə bir səbəb də çarşabdır ki, onun sayəsində təcrübəsizlik və avamlıq əmələ gəlir. Çarşab barəsində əlahiddə risalədə danışılacaq (müəllif). Arvad ərinin ən yaxın dostu olmalıdır. Kişinin arvadından gizlin gərək heç bir işi olmasın. Arvad da ərini düşünməlidir, onun fikirlərinə, məsləkinə bələd olmalıdır. Kişi bir iş başlayanda arvadına məsləhət etməlidir, hər məsələ gərək bir yerdə müzakirə olunsun. Kişi arvadına təkcə dişiyə baxan kimi baxsa, bunların arasında doğruçu bir ittifaq əmələ gəlməz. Çünki cismani əlaqə müvəqqəti bir işdir, dostluq da bunun vasitəsilə əmələ gəldikdə o da müvəqqəti olur. Halbuki nigah əbədi bir dostluqdan ibarətdir. Harada ki, dostluq qurtardı, orada talaqdan savayı bir çarə yoxdur. Pəs, ər-arvadlığın binası gərək ruhani əlaqədə olsun. Belə əlaqə sabit olar və uzun vaxt gedər. Vııı. arvadlar elmli gərək olsunlar Analıqdan, evdarlıqdan, zövcəlikdən müxtəsərcə danışdıq. Arvadların vəzifəsinin böyüklüyü məlum oldu. Diqqətlə mülahizə edilsə, aşkar olar ki, bu vəzifəni ağlı elm işığı ilə nurlanmış kamil və bilikli arvadlardan savayı ayrıları lazımınca yola verə bilməz. Oxumamış və avam arvadların nə analığa, nə evdarlığa və zövcəliyə qabiliyyətləri yoxdur. Elmsiz arvadın həmişə evi səliqəsiz olar, balaları tərbiyə tanımazlar və əri də evdə rahatlıq tapmaz. Elmsiz arvad ərinə həmişə yad olar, əri bacardıqca evdən uzaq dolanar. Çünki əri evdə saxlamağa qabiliyyət gərəkdir. Ər ki, arvaddan nə mərifətli söz eşitmədi, nə qanacaqlı hərəkət görmədi, o ər ömrünü qumarxanalarda, çayçı dükanında, klublarda və əcnəbilər məclisində keçirər. Cavanlarımız evlənəndən iki gün keçməmiş görürsən arvadı damın altında qoyub başladı axşamlar evə gəlməməyə. Səbəb budur ki, arvadlar bunların təkcə nəfsiheyvaniyyələrinə qulluq edirlər və nəfs öləndən sonra daha cavanı evdə saxlamağa bir vasitə olmur. Hərgah arvadlar oxumuş və məlumatlı olsalar, kişilərinin ruhani aləminə də təsir edib onu evə cəlb eləyərlər. Nemsə filosofu Fridrix Nitşe nikahı uzun bir söhbətə oxşatmaqda haqlıdır. Filosof deyir: “Əqd-nikah vaxtında özünüzə sual verin, görün evləndiyiniz arvadla lap qocalanadək söhbət eləməyə qadir ola biləcəksinizmi? Çünki nikahda hər şey ötəri olur və vaxtın çoxunu söhbət məşğul eləyir.” Ф.Hитшe. Чeлoвeчeckoe, cлишkoм чeлoвeчeckoe. Aşkar olur ki, oxumuş ərlə oxumamış arvadınkı tutmaz. Oxumuş bir söhbət elədikdə arvad onu düşünməyəcək. Avam arvadla böhtan, qeybət və bunun kimi boş şeylərdən savayı ayrı söhbətlər eləmək olmur. Həmçinin savadsız kişinin də dostluğu savadsız arvadla başa getmir. Çünki kişi asudə gəzib dolandığına görə özünə təcrübə və bilik qazanır, savadsız arvad isə heç yerə çıxa bilməyib evdə oturmaqla bildiyini də itirir. Deməli, tərəzinin bir gözü həmişə yuxarıda qalır, o birisi aşağıda. Ər-arvad tərəzisi həmvəzn gərək olsun. Pəs, arvadları oxutmalıdır və tərbiyələrini artırmalıdır. Bunların xoşbəxtliyi elmə bağlıdır. Bir oxuyub yazmaq arvadlara kifayət eləməz. Bunlar olduqca kamil oxumalıdırlar. Heç olmazsa yeddisəkkiz sinifli orta məktəb qurtarmalıdırlar. Bu məktəblər hökumət gimnaziyalarına gərək bənzəməsin: orada rəqs kimi ömrə və arvadlığa əsla lazım olmayan şeylərə çox diqqət olunub. Qız məktəbində analığa, evdarlığa, zövcəliyə və bəzi iqtisadi məsələlərə artıq nəzər yetirməlidir. Oradan təhsil edib çıxan qızlar gərək kamil bir ana olsunlar. Tərbiyə barəsində ətraflı məlumatları olsun, onun tarixini və o barədə Avropadakı son rəy və fikirləri bilsinlər. Uşağı nə təhər bəsləməli, südü necə verməli? Nə vaxt verməli? Evin havasını necə dəyişməli, otaqda isti neçə dərəcə olmalıdır? Bunları qızlar gərək məktəbdə öyrənsinlər. Çox analar uşağa öz südlərini verməyib inək südü verirlər, halbuki uşaqların qırılmağının bir səbəbi də budur ki, onlar ana südü əmmirlər. Statistika göstərir ki, Berlin şəhərində beş ilin müddətində (1897-1901) anadan olan uşaqların hər ildə yüzündən doqquzu ölürmüş. Bunlar ana südü ilə bəslənirmişlər. Inək südü ilə bəslənənlərdən yüzdə yetmiş səkkizi tələf olurmuş. Bir çox analar balalarını dayələrə verirlər və onların çoxusunun siflis kimi azarları olduğunu bilmirlər. Ya dayələrin özündə azar olur, balalara sirayət edir, ya da ki, azarlı balaları dayəyə verirlər, ona da düşür, sonra başqa salamat uşaqları da xarab edir. Belə ittifaqlar bizlərdə tez-tez olur. Məhz avamlıqdan günahsız xalq fövt olub gedir. Bizim arvadlar uşaq saxlamağı əsla bilmirlər. Anadan olandan qırx gün keçənədək evə bir adam gəldikdə uşağı otaqdan çölə çıxardırlar ki, “qonağın çilləsi onu basmasın”. Bizlərdə evlər narahat olduğundan və çox vaxt qapısı həyətə açılan bir otaqdan ibarət olduğuna görə kör- Пp. Boдлый. Cтaтиcтиka pə balaları qonaq gələndə lap soyuğa çıxardırlar. Bundan başqa da uşaqdan həcəmət aldırmaq kimi bir xeyli pis adətlərimiz də var. Bu avamlıqları aradan götürməyə nizamlı, geniş proqramlı qız məktəbləri lazımdır. Məktəbdə qeyri-elm və fənnlərdən savayı pedaqogikaya, hifzi-səhhətə, fiziologiyaya, kimyaya, gimnastikaya diqqət olunmalıdır. Anaya tibbə dair məlumat vacibatdandır. Evdə bir bədbəxtlik üz versə ilk imdad anadan gözlənir. Boğaz ağrısı, ilanvurma, zəhərli cücü dişləməsi, suya düşüb boğulma, od yanığı, bədənin yaralanması - bunların hamısında ananın biliyi lazımdır ki, həkim gəlincə zərərdidəyə gömək eləsin. Balaca soyuqdəymə və başağrısı kimi çox xırda nasazlıqlar da var ki, bunlara ana həkimsiz də müalicə edə bilər. Arvad əsil yaranışından tibb elminə möhtacdır. Heyz, ər ilə arvadın əlaqəsi, doğmaq, balanın cismani tərbiyəsi – bunların hamısının sirrlərinə agah olmağa tibbə dair geniş məlumat lazımdır. Evdar arvad da məktəbə möhtacdır. Heyf ki, bizim qız məktəbləri ehtiyacları dəf eləmir. Ev işlərini təlim vermək üçün məktəbdə böyük mətbəx və qeyri-otaqlar tikdirməlidir ki, burada qızlar bişmişlər hazırlamaq, paltar yumaq, biçin, tikiş, əl işləri və hana toxumaq öyrənsinlər. Kəndistanda açılan məktəblərdə bunlardan savayı bağçaçılıq, yağ-yavanlıq qayırmaq, mal-qara bəsləmək, toyuq və xoruza baxmaq, barama qurdu və arı saxlamaq da gərək öyrədilsin. Qız məktəbi açmaq bizə ən vacib işlərdən biridir. Hər kəs istəyir savab qazansın, camaatımıza məktəb açsın. Gərək məktəblərin də proqramı elə tərtib olunsun ki, məktəb bizim ömrümüzü işıqlandırsın, diriliyimizi yüngülləşdirib, bizi xoşbəxtliyə və rahatlığa çıxartsın. Bizim nicatımız məktəblərə bağlıdır. Məktəb bir ad üçün açılmamalı, orada ümdə fikri rəqsə və əcnəbi dillərini öyrənməyə gərək verməsinlər. Orada həyati məsələlərə diqqət etməlidir. Köhnə arvadlar üçdör bişmişdən başqa ayrı şeyləri bişirməyi bacarmırlar, bunları da allah bilir necə bişirirlər. Oxumuş qızlar xörəklərin sayını və dadını artırmağa çalışmalıdırlar. Köhnə arvadlar paltar yuduqda ağ geyimləri qırmızının suyuna soxurlar, qırmızını da sarı geymənin suyuna. Paltarı nə qaynadırlar, ona nə lil vururlar, nə soda. Adı olur ki, yuyurlar. Çirkliliyindən də pis bir hala salırlar. Fağır ərlər və balalar da ləyaqətsiz paltar geyməyə məcbur olurlar. Təzə məktəblər bu qüsurumuzu da düzəltməlidir. Oradan çıxan qızlar ağappaq qar kimi paltar yumaq gərək bilsinlər. Köhnə arvadlar belə biədəb paltarlar geyirlər ki, tərpənəndə həm döşləri, həm qarnı, həm də topuqları görünür. Bunlar ona qənaət edirlər ki, üzlərini gizlədirlər. Əsil həyalı yerləri isə göz qabağında qalır. Təzə qızlarımız biçin və tikiş öyrənməlidirlər ki, təzə libaslarlaavamlığın abırsızlığından xilas olaq. Təzə məktəblərimiz əl işlərinə və hanaya da diqqət yetirsələr, sənətin arvadlar arasında tərəqqi etməyinə bais olarlar. Sənət arvadlar üçün vacibdir. Əvvəl evi bəzəməkdən ötrü, ikinci, qızların cehizinə. Sənətin ümdə mənfəəti budur ki, arvadları özgələrə möhtac olmaqdan qurtarır. Bir qız çirkin olub ərə getmədikdə özgə çörəyinə möhtac olur. Ata, ana həmişə qızları ilə yaşayıb qalmırlar ki, onları özləri bəsləsin. Sənət belə yazıq və kimsəsiz qızları çətinlikdən xilas edir: öz əli öz başı olur, namusunu da gözləməyə qadir ola bilir. Ix. anasız uşaqlar Uşağa adamlıq şəkli verən tərbiyə olur, yaxşı tərbiyə olmasa, bunlar insana məxsus hərəkətlərini itirib heyvana yavıqlaşırlar. Tarixdə bir xeyli uşaq adı var ki, dağlarda, daşlarda anasız böyüyüb adamlıqlarını bilmərrə məhv ediblər. Məsələn: nağıl eləyirlər ki, 1657-ci ildə Qrudna vilayətində litvalı bir uşağı ayıların əlindən alıblar. Uşaq meşədə bunlarla ömür keçirirmiş. Uşağı gətirirlər Varşava şəhərinə, ad qoyurlar və xaç çəkdirib xristianlığı qəbul etdirirlər. Uşağın sifətindən görünürmüş ki, təqribən onun on iki yaşı var. Başının ağ və uzun tükləri var imiş. Barmaqları uzun imiş. Alnı ortabab, səsi də ayı səsinə oxşayırmış. Uşaq yeriyəndə dördayaqlı heyvan kimi əyilib əlləri ilə də gedirmiş. Bir çox zəhmətdən sonra buna ayaq üstə yerimək öyrədirlər. Uşaq danışa bilmirmiş, ancaq hərdənbir ayı səsinə bənzər bir səs çıxardırmış. Onun üzü və əlləri şırımlarla dolu imiş. Görünür ki, ayılarla cırmaqlaşırmış. Bu anasız uşaq tamam heyvanların dolanışığını götürübmüş. Paltar geymək istəmirmiş. Yediyi ya ot olurmuş, ya çiy ət. Sonralar böyük bir əziyyətlə uşağa bişmiş yeməyi və insan kimi danışmaq öyrədirlər. П.Лeгaфт. Ceмeйнoe вocпитaниe peбeнka и эгo знaчeниe. “At atın yanına bağlansa, ya halını götürər, ya xasiyyətini” fəhvasınca bu insan övladı heyvanlarla yoldaşlıq elədikdə özü də heyvana bənzər bir şey olubmuş. Əlbəttə bunun anası olsa idi, buna tərbiyə versə idi, belə olmazdı. Bir ayrı vəhşiləşmiş qız barəsində belə nağıl eləyirlər. 1731-ci ildə Şampan vilayətinin Sonqi adlı kəndinə doqquz-on yaşında bir qız gəlib çıxır. Qızın əlində bir ağac var imiş. Özü ayaqyalın, bədənini də əski parçaları və dəri qırıqları ilə örtmüş imiş. Kənddə bir iti qısqırırlar, yüyürür, buna tərəf. Qız əvvəl etinasızlıq edib iti lap yaxına buraxır. Sonra başına bir elə ağac vurur ki, it yerində gəbərir. Bir az keçmiş qız kənddən qaçır çölə. Burada cəld bir ağaca dırmaşıb yatır. Oyandıqda bunu çağırıb düşürürlər yerə. Gətirib bir imarətdə saxlayırlar. Burada buna bir dovşan verirlər, yırtıcı heyvan kimi o saat əzikləyib çiy-çiy yeyir. Qızın bədəni çox salamat imiş. Barmaqları ağaca dırmaşmaqdan iri və qüvvətli idi. Özü də belə müdrik imiş ki, bir ağacdan o birinə sıçrayırmış, olduğu evin divarlarını və taxtapuşunu deşib istəyirmiş ağaclara tullanıb qaçsın. Qızın tərpənişi belə cəld imiş ki, ovu göydə alırmış, suda da gözəlcə üzüb tutduğu qurbağaları və balıqları yeyirmiş. Bu da danışmaq bilmirmiş, bunun əvəzində çığırırmış. Iki il bu qıza tərbiyə verildikdən sonra yenə heyvanlara məxsus hərəkətlərindən əl götürmürmüş: yediyi çiy ət, yarpaq və bitkilərin göyü olurmuş. Bu heyvanlaşmış uşaqların tərcümeyi-halı buna dəlalət edir ki, anasız demək tərbiyəsiz deməkdir. Analı bir uşağın tərbiyəsi olmasa, ona da anasız desək səhv etmərik. Çünki nadan anaya ana demək yaraşmaz. Analıq bir uşaq doğmaqdan ibarət deyil. Ana insanlara cismani və ruhani dirilik verən arvadlara deyirlər ki, elm və çox biliklə islah olunub kamilliyə çatıblar. Ana o əziz arvadlardır ki, nəcib övladlar bəsləyirlər. Bu övladlar öz şəxsi və ictimai vəzifələrini anlayırlar: Həm özləri xoşbəxt yaşaya bilirlər, həm də özgələrinin bəxtinə sədd çəkmirlər. Ana həqiqi bir arvaddır ki, tərbiyə verib meydana çıxartdığı övladı yaşadığı mühitdə ata və anasının başını uca eləyir, xoş əxlaqı, elm və istedadı ilə hamının rəğbətini qazanır. Məsəlində deyildiyi kimi П.Лeгaфт. Ceмeйнoe вocпитaниe peбeнka и eгo знaчeниe Oxumamış və avam arvadların analıqda heç haqqları yoxdur. Bunların özləri qanacaqsız, övladları daha da pis. Bunlar heyvanlaşmış uşaqlardan pis hərəkətlər edirlər. Küçədə toza, torpağa bulaşan, paltarını cırıqlayan, onun-bunun evini daşa basıb qıran uşaqlarımız vəhşi bir hala gəlmişlər deyillərmi? Heyvanda yenə bir yaxşı sifət var ki, danışmır, bizim uşaqlar isə ağızlarını açdıqda elə söyüşlər söyürlər ki, adam həya eləyir, qızarır. Iki-üç müsəlman uşağı bir yerə yığılanda dava salıb bir-birinin baş-gözünü əzirlər. Hətta bir evdə bir ata-ananın övladları axşamadək vuruşmada-deyişmədədirlər. Bunlar anasızlıqdan deyilmi? Uşaqlıqda özbaşına buraxılıb oğurluğa adət edirlər. Camaatı təngə gətirib malını və mülkünü dağıdırlar. Axırda da bir neçə adam öldürəndən sonra namussuz bir ölümlə tələf olurlar. Bu işlər də anasızlığa dəlalət eləmirmi? Təkcə buna iman etməlidir ki, cəmi dərdlərimizin səbəbi anasızlığımızdır. X. analı yetimlər Bir müsəlman məktəbində dərs deyirdim. On beşədək şagirdim var idi. Bunların heç birində təmizlik, nizam və tərbiyə yox idi. Əlləri tozlu, mürəkkəb qaralı, üzləri yuyulmamış, paltarları çirkli. Tər qoxusundan və üfunətdən yanlarından keçmək belə mümkün deyil idi. Əxlaqları pozğun idi. Bir-birinə latail söyləməklə, biədəb hərəkətlər törətməklə ömürlərini keçirirdilər. Dərs otağında bir növ bunları nizamla saxlamaq mümkün olurdu. Tənəffüs zamanı həyətə çıxdıqda cəmi tərbiyəsizlikləri büruzə verilirdi. Yırtıcı qurda dönüb bir-birlərinin canına düşürdülər. Budur, görürdün ağlaya-ağlaya biri şikayətə gəldi. Bir az keçməmiş bir ayrısı başının və ya ağzının qanı axa-axa müəllimə tərəf üz qoydu. Bu tərbiyəsizlərin rəftarında o qədər qabalıq, vəhşilik və əxlaqsızlıq var idi ki, adamı özlərindən tamam nifrətləndirirdilər... Bu biçarə uşaqlara baxdıqda həmişə fikrə gedirdim. Ev tərbiyəsinin böyük mənasını düşünürdüm. Hərgah analar övladlarına tərbiyə versə idilər, bilirdim ki, məktəbdə nizamsızlıq, uşaqların rəftarında qabalıq və vəhşilik görünməzdi. Gördüklərim getdikcə mənim bu əqidəmi möhkəmləşdirdi. Təcrübəm artdıqca əqidəm də qəviləşdi. Məsələn, yaylaqda bir hacının iki oğluna dərs deyirdim. Bunlardan savayı bir neçə əcnəbi uşaqlarının təlimi ilə də məşğul idim. Müsəlman balaları ilə əcnəbilərin arasında nə qədər təvafüt olmağı gözə çarpırdı. Əcnəbilərin dərsini qurtarıb müsəlman evinə rəvan olduqda elə bil zindana gedirdim. Bilirdim ki, qanım xarab olacaq. Heç müəyyən vaxtda bunları dərs üçün hazır görməzdim. Çox vaxt qaçıb gizlənirdilər ki, dərs oxumasınlar. Qaçmasa idilərsə də “kitabları itirdi”. Dərslərini dürüst əzbərləməzdilər. Özləri də nə halda müəllimin qarşısına çıxırdılar – görməsəniz bilməzsiniz. Başdan ayağa çirk, üfunət, toz. Burunlarını qollarına silərdilər, fırtlıq quruyub həftələrlə orada qalardı. Üstünə yüzlərlə milçək yığılardı. Tər üst libasa çıxıb quruyardı, ağ izi qalardı. Rəftarları daha da xarab, iki qardaş həmişə bir-birləri ilə deyişib söyüşərdilər. Mən elə bilirdim ki, hacının arvadı yoxdur. Sonra bildim ki, arvadı var imiş, bir də deyil, iki imiş. Lakin iki arvad iki uşağı ləyaqətli bir sayaqda saxlamağa müqtədir deyilmiş. Halbuki təmizliyə bir o qədər də xərc və zəhmət lazım deyil idi. Çəpərin altından çay axırdı. Uşaqları gündə çimizdirib paltarlarını yumaq böyük bir iş deyil idi. Belə analı yetimlərə ömrümdə çox rast gəlmişəm. Bir mərizxanaya gətirilən azarlılara diqqət yetirirdim. Bunların əksəri müsəlman uşağı idi. Budur, görürdük gətirib həkimin qabağına yarımcan bir uşağı uzatdılar, gözləri yumulub, özü lal və tərpənməz bir haldadır. Uşağı başına buraxıblar, gedib küçədəki çərdəkləri sındırıb yeyib. Üstündən əlinə düşən zibili töküb qarnına. Bir ayrı uşaq gətirirlər. Üstünə lampa tökülüb və ya qaynar samovar əndərilib, yanıb. Biçarənin rəngi qaçıb, yaraları sızıldayır. Bədəninin dərisini həkim qayçı ilə kəsib götürdükcə min əzab çəkir. Mərizxanada gözü ağrıyanlara hər addımda rast gəlmək olar. Toza-torpağa bələşmək, çirkli əlini gözlərinə vurmaqdan bu dərdə düşüblər. Kiminin gözünə bıçaq batıb, “qeyrətli” anası üstünə quyruq bağlayıb. Kimi yara çıxardıb, anası üstünə əvəlik yarpağı yapışdırıb və i. a. və i.a. Bunların hamısı anasızlığa, tərbiyəsizliyə dəlalət edir. Elmli, qeyrətli, asudə analar olsa, bu halətlərə düçar olmarıq. Tumları (müəllif) Rusiyanın böyük şəhərlərinə ayağınız düşsə günorta zamanı bir bağçalara gedin, uşaqlar oynayan meydançalara bir nəzər yetirin. Görün oralarda nə lətif, nə gözəl və tərbiyəli balalar var. Hamısı təmiz geyinmiş, bədənləri salamat, özləri totuq, qırmızıyanaq. Rəftarları xoş, dolanışıqları sevməli. Anaları və mürəbbiləri bunlarla mülayim bir sayaqda söhbət edirlər. Bunların şadlığı üçün çalışırlar, bilmədiklərini öyrədirlər. Bu gözəl balalara tamaşa etdikdə həmişə insan olmağımla fəxr eləyirdim. Nikbin hisslər ürəyimi bürüyürdü. Deyirdim: insaniyyət tərəqqi edir, ruhən və cismən salamatlaşır. Bir də yadıma bizim yazıq asiyalılar düşürdülər. O saat insaniyyətin nə dərəcələrə varınca alçaqlanmağını düşünüb xəcalət çəkirdim. Yadıma azarlı, çəlimsiz, rəngi qaçmış analı yetimlərimiz düşürdü. Bunların dəqiqədə bir döyülüb söyülmələrini, küçələrdə hamisiz veyllənmələrini yad edib dərdləşirdim. Xı. analı uşaqlar Böyük adamların tərcümeyi-hallarını oxuduqda görürük ki, istedad və qabiliyyətləri uşaqlıq və cavanlıq zamanlarından aşkar olmağa başlayar. Napoleonun hüsn-təsirinin qüvvət və qorxusu məktəbdə ikən büruzə verilirdi. Yoldaşları Napoleondan qorxub həmişə ona tabe olardılar. Deməli sonralar milyonlarca adamlar onun əmrinə baxaraq ölüm şərbətini içdikdə həmən uşaqlıqda büruzə verilən qüvvəyə tabe olurmuşlar. Teymurləng uşaq vaxtında yoldaşları ilə oynadıqda onları iki yerə bölüb bir-birilə dava elətdirərmiş və özünü də əmir adlandırıb sərkərdə olarmış. Məşhur nemsə musiqikarı Motsart dörd yaşında uşaq ikən havacatlar icad edərmiş. Altı yaşında konsert təlifinə müvəffəq olub, on iki yaşında isə opera yazmağa qədəm qoyub (...). Пpoф. A.C.Tpaчeвckий. Haпoлeoн, эгo жизнь и гocyдapcтвeннaя дeятeльнocть. «Aвтoбиoгpaфия Taмepлaнa». Пepeвoд c тюckoгo H.Лыkoшинo Firənglərin böyük filosof Volter on iki yaşında həcv yazarmış. Iyirmi yaşında isə Firəngistan hökmdarını həcv elədiyi üçün həbsə alınıb. Ədib Viktor Hüqo ilk faciəsini on beş yaşında yazıb qurtarıb. Italyanların böyük heykəltəraşı Kanova da qabiliyyətini uşaqlığında büruzə verib: nağıl edirlər ki, dörd yaşında şit yağdan şir düzəltməyə başlayıb. On dörd sinnində isə mərmərdən heykəllər qayırarmış. Belə-belə bir çox tərcümeyi-hallar göstərir ki, təbii vergilər ilk uşaqlıqdan büruzə verilməyə başlayır. Onun üçün lazım gəlir ki, uşaqları ən balaca vaxtlarından etinamızdan salmayıb onların meyl və həvəslərinə diqqət edək. Burada da ana yada düşür. Bu böyük və məsul vəzifə də ona həvalə olunur. Çünki analar övlada tərbiyə verib həmişə ömürlərini onlarla keçirirlər. Tərbiyədən də ümdə məqsəd uşaqlarda olan təbii vergilərə meydan verib onların tərəqqisinə çalışmaqdır. Ana savadsız və avam olsa balalarının istedad və qabiliyyəti məhv olub gedər. Elmli və qanacaqlı olduqda balalarının təbii vergilərinin vüsətlənməsinə inanıb gələcəyinə ümid bağlamaq mümkündür. Aləmi-islamda üç yüz milyon adamdan fövqəladə istedada malik bircəsi çıxıb yeni bir şey ixtira və icad etməməyinin səbəbi həmən avam arvadlardır ki, övladlarının şövq və həvəsini öldürüb fövt edirlər. Bizlərdə qabil və mahir uşaqlar az deyildir. Lakin bunlar ev tərbiyəmizin yoxluğundan və dolandıqları mühitin müzür havasından istedadlarına meydan tapa bilmirlər. Uşaqlar rəssamlığa meyl göstərdikdə “o dünyada çəkdiyin şəkillərə necə can verəcəksən?” – deyə yoldan çıxardırlar. Kağıza, karandaşa və rəngə verilən pul hədər yerə sərf edilmiş hesab olunur. Musiqi ilə məşğul olanları bikar və arsız sayırlar. Bir tərəfdən də ləhvü ləəb deyə onu qəbih əməllər cərgəsinə gətirirlər. Fövqəladə istedada malik uşaqları bizlərdə sevmirlər. Onları allah bəlası bilirlər. Belə ittifaq düşüb ki, neçə aylıq uşaq başlayıb danışmağa, anası bunu bir müsibət hesab edib uşağa süd verməkdən çəkinib. Halbuki, belə uşaqlar gələcəkdə istedadları ilə həm özlərinə, həm də insaniyyətə böyük xidmət edə bilərlər. Lakin nə etməli ki, avam arvadlarımızın dövlətindən işıqlar qaranlığa dönür. C.Cмaйльc. Ум и энeнpгия, т.1 2 Ləhvü ləəb – faydasız iş 3 Bunun üçün “əllamə” sözü bizlərdə qarğış yerinə işlənir (müəllif) Mədəni millətlər arasında isə işlər tamam ayrı cürdür. Orada təbii vergiyə artıq etina olunub tərəqqisinə çalışırlar. Əlbəttə ən əvvəl övladın zəka və istedadı anaların nəzərini özünə cəlb edir. Odur ki, Avropanın bir çox böyük şəxslərinin gələcəyinə analarının artıq təsiri olub. Buna dəlil Şiller, Şenye, Lamartin kimilərinin tərcümeyi-hallarıdır. Məşhur nemsə şairi Şillerin də ədəbiyyatda böyük ad qazanmağına ümdə səbəb anası Yelizaveta olub. Bu arvad oğluna oxumaq və yazmaqdan savayı bir xeyli məlumat da verib. Tövrat səhifələri ilə tanış edib, ədəbiyyat tarixinə, şairlərə dair biliklər verib, şeirlər öyrədib, onların qüsurlarını və gözəl tərəflərini də bildirib. Oğlunu məşğul etmək üçün Yelizaveta ona nemsə həyatına dair hekayələr də oxuyardı. Bu minval ilə əlbəttə Şillerin ədəbiyyata olan həvəsi daha da artacaq idi. Böyük Hötenin də anası oğluna artıq etina edirdi. Vaxtının çoxunu ona hekayə oxumağa sərf eləyirdi. Bunun nəticəsi olaraq balaca Höte də yoldaşlarını toplayıb özü təlif etdiyi hekayələri nağıl eləyirdi. Deməli, hər ana övladlarının istedadlarını uca bir mərtəbəyə çıxartmağa qadir ola bilər. Bu şərtlə ki, ana özü elmli və qanacaqlı ola. Ana ki, istedadın nə olduğunu düşünmədi, daha o zəkalı övlad yetirə bilməz. Hərgah Şillerlər, Hötelər bizim arvadların tərbiyəsi ilə böyüsə idi, baqqaldan ya hambaldan biri olub adları çoxdan itib getmişdi. Məhz qanacaqlı anaların və həyatbəxş mühitin dövlətindən onlar məhv olmadılar, özlərinə və millətlərinə əbədi ad qazandılar. Ananın övladına olan təsiri çox böyükdür (...). Bəs, arvadların böyük təsirindən nəfbərdar olmaq üçün onların qanacaqlarını artırmalıdır. Yoxsa övladlarımızı cəhalət yoluna döndərib xalqımızı bərbad edərlər. Xıı. həqiqi ana Nizamlı milli bir məktəb qurtarmış, çox bilikli, açıq fikirli bir arvad təsəvvür ediniz. Bu anadır. Ana mehriban bir adamdır. Bunun qəlbi dili ilə, dili də qəlbi ilə müvafiqdir. Ikisi də təmiz, ikisi də pak və M.Блok. Maтepи вeлиkиx людeй. H.A.Xoлoдoвckий. B. Гeтe, yтo жизнь и литepaтypнaя дeятeльнocть. pakizə. Anada qeybət və böhtan kimi alçaq sifətlər, yalan və oğurluq kimi pis adətlər olmaz. Həqiqi ana həm ruhən, həm də cismən salamat olar. Uşaqlar gördüyünü götürər. Ana bunu gözəlcə düşünüb, onun üçün həmişə özünün islahına çalışır ki, balaları onda pis hərəkət görüb götürməsinlər. Ana heç vaxt təklikdə özünə xoşbəxtlik istəməz, ana övladlarının xoşbəxtliyinə tamaşa edib ondan ləzzət aparar. Övladı olmamaqda heç bir şey ananı xoşbəxt eləməz. Qızıl, cavahirat, şöhrət və ad analara təskinlik verə bilməz. Ana uşaq vaxtından analığa həvəslənir, bir müqəvvanı qumaşa büküb oynadar, onu mehriban dillə danışdırar, layla çalar. Böyüdükdə də ana həmin fikirdən daşınmaz: yenə qayəsi övlad olar. Ana bala doğub bəsləməkdən usanmaz, bəlkə bundan böyük bir ləzzət anlar. Ana salamat və tərbiyəli balalarını göstərib həmişə fəxrlə deyər: bu övladlar mənimdir. Və bu əqidədə olar ki, övladsız onun diriliyi meyvəsiz bir ağac kimidir. Həqiqi ana balalarını döyməz, onlara tənbeh eləməz. Yalnız analığa məxsus bir istedadla övladının ürəyində bir hiss oyandırar. Bunun sayəsində balalar analarını istərlər, ona hörmət edib sözlərinə əməl edərlər. Ana azaddır, heç kəsə tabe deyil. Bu azadlığı da balalarına təlqin edir. Bunlar asudə fikirli, azadə ruhlu bir insan olurlar. Bunlar da anaları kimi qulluq və əsirliyi sevməzlər, meylləri genişlik istər, niyyətləri ucalıq. Asudəlik ananın əxlaqını pozmaz, çünki ana kamildir, namus ona övladları qədər qiymətli və əzizdir. Ana çarşab tanımaz, amma örtülü arvadlardan çox-çox ismətlidir. Ananın zinəti həyadır. Bu məlaikə həmişə ana ilə bir yerdə olub cəmi paklığı ilə onu əhatə edər, bir dəqiqə müqəddəs vəzifəsindən xaric olmaz. Ana kamil olduqda həyadan əl götürməz, həya bir gözəl tacdır, arvad bu tacı başına qoymasa, analıq mülkünə sultan olmağa layiq görülməz. Ana milli bayramlarımızı çox əziz tutar... Ələlxüsus Novruz bayramı şairanəliyi ilə anaya artıq dərəcədə xoş gələr. Buna “Bahar bayramı” deyə heç dini rəng də verməz, onun məhz təbiiliyini sevər, bu bayramı ana artıq təntənə ilə qarşılar. Neçə gün qabaqdan evlər süpürülər, silinər, hər yer təmizlənər. Sonra külfətin üzvləri yuyunub Gəlinciyi, kuklanı geyinib böyük bir şadlıqla bayram edərlər. Şirnilər düzülər, xonçalar bəzənər, evlər çıraqban olar. Hər yeri gül və çiçəklərlə zinətləndirərlər. Milli musiqimiz çalınar. Rəqslər olunar. Milli nəğmələr və minacatlar oxunar. Milli musiqinin təsiri heç vaxt insandan aralanmaz. Nə qədər adamda gözəlliyi düşünməyə bir duyğu var, o adam milli musiqini xoş bir iztirabla yad elər. Bunun üçün ana milli musiqini artıqlığınca sevər. Istər piano, istər tar və saz olsun – bunların birində çalmaq bilər. Övladlarını da musiqimizlə aşina elər. Bir sallama bayatı və ya segah bəxş eləmiş təsirlərlə balaların cəmi vücudunda bir ruh oyadıb onların türklükdə sabit qalmağına çalışar. Həqiqi ana mətbuatdan xəbərdardır. Qəzet və jurnalları oxuyur, çapdan çıxan kitabı alıb mütaliə elər. Övladlarının yaşlarına və qanacaqlarına müvafiq xəbərləri onlara da deyər. Xalq yolunda çalışan müqtədir ədiblərimizin adlarını onlara xəbər verər və bacardıqca əsərləri ilə də onları tanış elər. Ana mütəəssib deyil, nikbindir. Əqidəli həyatpərvər və dünya tərəfdarıdır. Ana xalqının ucalığına, ağıl və istedadına tabe bir halda şükürlər edər. Ana övladlarına xalqını tanıtmaq üçün onları şəhərdən çölə aparar, təbiətin gözəlliyini onlara nişan verər. Uca dağların heybətini, çayların lətif şırıltısını, gecələr dərin və nəhayətsiz göyün sirri ilə əhatə olunmuş ulduzları balalarına tanıtmaqla onların ürəyində həqiqi bir dünyapərəstlik hissi oyadır. Beləliklə, uşaqlar hər bir xurafatdan uzaq olub həqiqi bir təsəvvürə malik olurlar. Belə bəslənmiş balalar diriliyi sevirlər, bu dünyanın xoşbəxtliyini düşünüb ona tərəf meyl və həvəs göstərirlər. Xülasə ana tərbiyə və elmlə islah olunmuş bir insandır. Dedikcə zərif bir arifdir: fikri açıq, hər işi ciddi. Vəzifəsinə müvafiq kamil və ağıllıdır. Ana insaniyyətin məşəl aparanıdır. Bu nə qədər qabil olsa, bir o qədər insaniyyətin getdiyi yolu lazımınca işıqlandırmağa qadir olar. Bunu həqiqi analar gözəlcə düşünürlər və çalışırlar ki, daha da qabil və kamil olsunlar. 1914 * * * Kitabxana.az · https://kitabxana.az/collections/cemenzeminli-ana-ve-analiq İctimai mülkiyyət (müəllifin vəfat ili: 1943). Public domain (author died 1943). Original text only.