Bir cavanın dəftəri Yusif Vəzir Çəmənzəminli (1887–1943) BİR CAVANIN DƏFTƏRİ 22 mayis, 1905. Deyəsən atam getməyimə razı olacaq. Anama qaldıqda, o çoxdan razıdır. Məqsədim xalamı görüb, ziyarət etmək deyil – onu bir o qədər də könlüm istəmir – şəhərimizdən bıqmışam, qaçmaq istəyirəm. Tühaf deyilmi, orta məktəbin altıncı sinfinin tələbəsi hələ öz şəhərindən başqasını görməmişdir. Halbuki buralardan bıqdım, yoruldum; gözlərim yeni yerlər, yeni simalar, yeni üfüqlər görmək istəyir. “Yenilik” – deyə bütün varlığım hıçqırır. Gör atam nə deyir: – Qürbət ellərdə nə var? Niyə gedirsən? Çox da xalan ordadır. Kişi qocalmışdır – varlığımın köhnə mənalara sığmadığını dərk eləmir. Atam məhdud bir adamdır, ehtiyac və məfkurəsi də məhduddur: oruc tutar, namaz qılar, doşaba qatılmış qoz ləpəsi yeyər. Bu qədər. 23 mayis. Axşam atamla yenə danışdıq. Dedim: – A kişi, fəqir olduğunu bilirəm. Amma otuz manat verməyə qüvvətin çatar. İndiyə qədər mən səndən pul istəməmişəm, indi otuzca manat yol xərci istəyirəm. Atam tərs adam da olsa, bu səfər məni diqqətlə dinlədi və iki barmağı ilə qulağının içindən bir tük dartıb dedi: – Ay oğul, axı otuz manat bir igidin mayasıdır, bunu necə verim? – Nə olar ki? Mən də sənin oğlunam, mənim də bir arzum var... Yaş məni boğdu, sözlərim yarımçıq qaldı. Atam qəti də olmasa razılıq verdi. Sabah pulu alsam bir həftədən sonra yola düşərəm. Anam başqa cür davranır. – Qorxma, – deyir, – atan verməsə, mən sənə pul taparam. Vallah yaxşıca arvaddır. Yəqin sandığında pulu var. Axı müsəlman arvadlarında xoruz səsi eşitməmiş pullar olur, görürsən, cındıra bağladı, sandığın küncünə atdı. Xülasə, gedirəm. Kefim kökəlir. Anam deyir: – Bala qürbət ellərdə din-məzhəb sözləri danışma, başına iş açarlar – yazığam. Məclislərdə mollalarla mübahisə etdiyimi anam bilir. Atam kəndə alış-verişə gedəndə adət üzrə xeyir-şərə mən gedirəm. Məclisdə molla başda oturur; onun yanında oturmağı kimsə özünə yaraşdırmadığı üçün ətrafı həmişə boş olur. Adətlərə zidd getmək məndə bir xəstəlikdir. Qapıdan girib, düz yuxarı başa keçirəm. Bu “xətama” qarşı xalq bir şey söyləmir – “gəncdir, anlamır” – deyirlər. Lakin mənim dini mübahisələrə girişib, dinsiz mülahizələr yürütməm heç kəsin xoşuna getmir. Bir məclisdə ətəbatdan yeni gəlmiş bir mollanın bilgisini yoxlamaq məqsədi ilə ondan bir məsələ soruşdular: – Pişiyin tükü niyə pakdır, itinki murdar? – dedilər. Gənc molla məsələnin çətinliyini duyaraq qızardı, bozardı, dili belə dolaşdı. Pişik haqqında rəvayət olunan hədisi söyləsə də, məclisi qane edə bilmədi. Axırda köhnə mollalardan biri məğrur bir şəkil alaraq dedi: – Həzərat, molla olmağı asan bir iş bilməyin. Bu cavanın molla olmasına hələ çox qalıb. Gərək bu, müctəhidlər tərəfindən cild-cild yazılmış kitabları oxusun, püxtə mollalar məclisində olub, mübahisələrdə bişib çıxsın. Onda o, xalis molla ola bilər... İndi verilən məsələ barədə ağalara ərz edim. Mötəbər risalələrdə belə yazırlar: allahü-təbarəkə və taala Adəmi yaradanda, məlumunuzdur ki, şeytani-ləin tüğyan etdi, büxl və həsəd büruzə verdi. Hətta xaliqi-ləmyəzəlin hüzurunda cürət edib, Adəmin heykəlinə tüpürdü. Şeytani-ləinin tüpürcəyi gedib Adəmin qarnının üstə bənd oldu. Allah-taala buyurdu, o tüpürcəyi Adəmin qarnının üstündən qazıyıb atdılar. Onun yerində göbək əmələ gəldi və atılan torpaqdan da it vücuda gəldi... İt şeytanın tüpürcəyinə qarışmış torpaqdan nəşvünüma olduğu üçün murdar heyvan sayılır. Mötəbər kitablarda belə yazılmışdır... Molla böyük bir qürurla sözlərini bitirib, məclisi başdan-ayağa süzdü və hər tərəfdən “Afərin” sədası eşitdi. Mən özümü saxlaya bilmədim. – Axund, – dedim, – nə vaxta qədər bu yazıq camaatı boş nağıllarla bəsləyəcəksiniz?.. “Camaat” mənasında işlənmişdir Ruhanilərin təhsil aldığı ali mədrəsə Ləmyəzəl – ölməz, daimi Əmələ gəldiyi Bunuca deməyə müvəffəq oldum – müridlərin mırıltısı sözlərimə xitam verdi. Vəhşi gözlər parıldadı, bardaş quranlar qalxıb dizi üstə oturdu, dizi üstə oturanlar qalxıb bardaş qurdu. Məclisdə tühaf hərəkətlər görüldü. Tapançaya belə əl atan oldu. Bu əsnada “həzərat, aram” – deyə mollanın səsi eşidildi: – Bu cavan rus məktəbində oxuyur, dini-mübinə lazımınca vaqif deyil, cahildir. Günah bunda deyil, bunu kafir məktəbinə yollayan valideynindədir. Mən yenə etiraz etdim. Başqa xalqların tərəqqi etməsindən, bizim geridə qalmamızdan bəhs edərək, məclisin bir hissəsini öz tərəfimə çevirə bildim. Bu vəqə əvvəl şəhərdə bir qələyan törətdi, sonra xalqın qulağı doldu. Indi artıq mənim məclislərdəki etirazlarım təbii kimi görünür. Yalnız anam mənimlə razılaşmaq istəmir. – Camaat avamdır, səni öldürər, – deyir. Mən anamın ehtiyat etməsinə için-için gülürəm. Ölüm nə deməkdir? Gənclik vulkanından qopan bir qığılcım. 24 mayis. Bu gün gəzməyə getmişdik. Bərk yorulmuşam. Axşam saat doqquz. Yuxu gözümdən tökülür... Gecəniz xeyrə qalsın... 25 mayis. Dünənki gəzmək pis keçmədi. Şəhərin ətrafında görmədiyim bir çox yerləri gördüm. Ləzzəti damağımdan getmir. Qəribə burasıdır ki, burada doğulub, iyirmi il də yaşamışam, hələ bu gözəl çeşmələrə, bağlara, kahalara rast gəlməmişdim. Çıxmaq istədikdə həmişə anam demiş: – Bala, ölkə xarabdır, görürsən nələr olur... Allah eləməsin... Ölərəm... Çıxma, bir şey də olmasa, adına pis söz deyərlər. Biçarə arvad məni bu iyirmi ilin müddətində qız kimi qorumuş. “Bala, məktəbə gedəndə həmişə küçənin ortası ilə get-gəl, şenliksiz küçəyə ayaq basma, səni xoş dindirənə sərt cavab ver, – deyə öyüd vermiş...”. İndi artıq “kişi” olmuşam, bığ və saqqalım cücərir; yavaş-yavaş yoldaşlarımla gəzməyimə müsaidə olunur. İyirmi illik məhbəs həyatı. Gəncliyin ən şehli və təravətli vaxtlarını müsəlmanların qorxusundan damın altında keçirmişəm... Mən qız deyiləm ki, mənə həsrətlə baxırsınız. Qoy qızlar baxsınlar, pak ürək- Həyəcan, çaxnaşma Söhbət Şuşadan gedir ləri də döyünsün. Gedirəm. Müsəlmanların üzündən qurtaracağam. Anam mənə alt paltarı tikir. Sabah gedib özümə çamadan və başqa yol şeyləri alacağam. 26 mayis. Yağışlıqdır, bazara gedə bilmədim. Dumandan göz-gözü görmür. Insan sıxıntıdan bağırmaq istəyir. Sabahdan kitablarımı toplayıb, sandığa qoydum ki, mən gedəndən sonra əl-ayağa dolaşmasın. Anam mənə baxaraq “ah” çəkirdi. Deyəsən gözləri də yaşarırdı. – Bala, – deyir, – kitablarını belə görəndə ürəyimə pis gəlir. Xırda bacılarım da anama baxıb onlar da ağlamsınırlar. Avam yazıqlar. Kağızdəftərlərimi də yığışdırdım, arasında bir lazımlı şey tapmışam, onu da özümlə Aşqabada aparacağam. Mənim adımla adlanır. Bu hürufatı bir il bundan əvvəl icad etmişəm. “Murad hürufatı” ilə hər nə yazsan, yazıldığı kimi oxunar. Basması ayrı və yazması da ayrı cürdür. Soldan sağa yazılır. Bir səsin bircə şəkli var... “Şərqi- Rus” qəzetindəki “Məhəmməd Ağa xətti” buna nisbətən çox geridə qalır, çünki ərəb hərfini islah etməklə xəstəlik bitmir. Mənimki isə məsələni kökündən həll edir. Bu hürufatı gənclər arasında yayıram. 27 mayis. Şəhərimiz ikiyə ayrılır: qərb tərəfində ermənilər, şərqdə müsəlmanlar yaşayır. Qocaların nağılına görə əvvəllər ermənilərlə müsəlmanlar qarışıq yaşamışlar. İkisinin də adət və ayinləri bir imiş: bir-birinə də “dinayrı qardaş” deyərmişlər. Müsəlman uşaqları sünnət olunarkən çox vaxt ermənilər kirvə olarmışlar. Atam deyir ki, məhərrəmlikdə müsəlmanlar dəstə təpərkən erməni çocuqları da dəstəyə girib “Heydər, Şəftəl” deyərmişlər. Müsəlmanlar erməni pirlərinə nəzir edib, qurban aparırmışlar. Bir gün Çətənə Məmməd adlı birisi gecə gedib erməni kilsəsinin zəngini vurur. Ermənilər tökülüb zəngi vuranı axtarırlar, tapmırlar. Keşiş gəlib çıxır. Çox düşündükdən sonra zəngin qeybdən vurulmasına qane olurlar. Qoca bir erməni də göydən nur endiyini gözü ilə görmüş deyə, şahid keçir. Hər kəs möcüzəyə inanaraq kilsəyə dolub ibadətə başlayır. Baş qarışıqlığından istifadə edən Çətənə Məmməd ermənilərin başmaqlarını qapıdan yığışdırıb çuvala doldurur... Sabah, deyirlər, başmaqları erməni kəndinə aparıb, toyuq-cücəyə dəyişir. İndi ermənilər müsəlmanlardan ayrı yaşayırlar. Abad məhəllələri, gözəl küçələri, kaşanə evləri var. Şəhərin bütün ticarəti onların əlindədir, hər sahədə sənətkarları, mütəxəssisləri və elm adamları vardır. Qız və oğlanlar üçün ibtidai və orta realni məktəblər açmışlar. Məktəbə getməyənləri yoxdur. Hökumət və şəhər müəssisələri də erməni məhəlləsindədir. Müsəlmanlar isə köhnə “çətənəliyində” davam edir. Bir “rus-tatar məktəbi”ndən və bir neçə mollaxanadan başqa bir şeyə malik deyilik... məhəllələrimiz tamamilə xarabadır: erməni sərhəddindən aşağı lağımların üstü örtülmədiyi üçün iydən nəfəs çatlayır, küçələrdə işıq yox, gecələr hərə öz fanusu ilə çıxır... Adamlar da ki, qurda dönüb, bir-birini yeyir: adam öldürmək adi bir şəkil almışdır... Tam bir cəhalət. Mədəni səviyyəmizi ölçmək üçün bunu bilməlidir: realni məktəbdə oxuyan 300-400 tələbədən yalnız on beşi müsəlmandır, bunlar da bəy balalarıdır ki, dördüncü sinifdən yuxarı getmirlər; qızların da oxumaları şərən günah sayılır... Şəhərdə, Peterburqda təhsil görmüş bir doktordan, dəftərxanalarda bir neçə mirzədən başqa ziyalıya müsəlmanlar malik deyillər. Bir dənə dülgərimiz, bir dənə dərzimiz yoxdur. Papaqçı, dəmirçi, nalbənd, başmaqçı və şərbafdan başqa sənətkara gümanımız gəlmir... Yerdə qalanı zırı-zırrama, ağzı dualı qulyabanilər... Bu gün çamadan alıb hamballa erməni məhəlləsindən enirdim, bir də küçədəki baqqalın biri üzünü mənə çevirib: – Şəhərimizdə bir maral var idi, o da gedib, bizi yetim qoyur, – dedi və köksünü çəkdi. Baqqalın komplimenti mənə güllə kimi əsər elədi, qan beynimə vurdu. Dükana tərəf sıçradım, baqqal qaçdı. Əlimə tərəzi keçdi, götürüb tabaqların üstünə qolazladım, qatıq qablarını bir-birinə qatıb sındırdım... Bir qoca kişi gəlib məni sakit elədi: – Qadan alım, sən nəcibsən, ona qoşulma. Allah onun bəlasını versin, dilinin yiyəsi deyil. 28 mayis. Dünən axşam yoldaşlarım Həsən, Mürsəl və Rəcəblə bulvarda idik. Bulvar erməni hissəsinin cənub-qərb tərəfində yeni salınmışdır, dağa doğru dolama xiyabanları, gözəl yay klubu, qəhvəsi var, yanında realni məktəb üçün möhtəşəm bir bina yapılır. Aşağıda, yaşıl ağaclar arasında gizlənən rəngarəng taxtapuşlu, məğrur kilsəli şəhər, dağlarla əhatə olunmuş; buludlara dalmış Murovla çılpaq Bağrıqan arasındakı açıqlıq minbir rəng çalır... Bu mənzərəyə tamaşa etdikdə, sanki ruh böyüyür, qanadlanıb göylərə doğru uçmaq istəyir... Yoldaşlarıma dedim: – Uşaqlar, bilirsiniz, şənbə nə təhər olsa, gedirəm. Hamı mənə qibtə edər kimi üzümə dik baxdı. Mürsəl gülə-gülə: – Bu xarabanın üzündən qurtarırsan. Görək biz başıdaşlı bu üç ay yayı necə küllənəcəyik. Doğrudan da qışda başımız dərsə qarışır, yayda isə insan darıxır. Həyatımız bir həyat olsa, insan səfalı bir yerdə darıxarmı? Həyat bir həyat deyil. Müsəlmanistanın dedi-qodusundan baş götürüb bulvara qaçırıq, burada da mənəvi rahatlıq yoxdur. Hansı tanış erməni qızına yanaşırsan, ətrafdan sənə min daşnaq gözü ağardılır. Müsəlmana erməni qızı ilə gəzmək yasaqdır. Canım, bu milli ədavət nəyə lazımdır? Əsrlərdən bəri bir yerdə yaşaya-yaşaya gəldik, dost və qardaş yaşayışına nə üçün davam etməyək?.. Xülasə... Həsən dedi: – Burada könülaçan bir şey yoxdur, gəlin dağın başına çıxaq. Razı olduq. Rəcəb getmədi. Dağa dikləndik. Bulvarın hasarını aşıb yuxarı çıxdıq. Sıldırım bir qayada oturub ayaqlarımızı aşağı salladıq. Qarşımızda dərin və qorxunc bir uçurum var idi. Dibində, iki dağın arasındakı çay ayın şüasında sınıq güzgü parçasını andırırdı. O tayda ətrafı meşə ilə bürünmüş Topxana sükut içində idi... Sağ tərəfdəki Kirs qarlı başını göylərə yüksəldib sanki ulduzlarla dərdləşirdi. Bu əzəmətli mənzərə qarşısında üçümüz də susub qalmışdıq. Bu halda çayın qaranlıq dərədən yüksələn əsrarəngiz şırıltısı: “Dünyada yalnız bircə dəfə yaşanılır” – deyə, mənə anlaşılmaz kədərlər təlqin etdi. Bir də kim isə aşağıda yanıqlı səslə oxudu: “Qırıldı bülbüllər, boş qaldı bağlar”. Xəstə ürəklərimizə atəş səpildi – için-için yandıq. Nədənsə səs qırılıb yarımçıq kəsildi. – Amandı, Həsən, yandıq – deyə, Həsənə yalvardıq. Onun gözəl səsi var idi. Başladı: “Xumar-xumar baxmaq göz qaydasıdır, Lalə tək qızarmaq üz qaydasıdır. Pərişanlıq zülfün öz qaydasıdır, Nə badisəbadan, nə şanədəndir”. Bu halda Rəcəb böyürdən çıxdı. Qəmli bir halda oturub başını aşağı saldı. Məsələni duyduq. Həsən gülə-gülə: – Dostum, – dedi, – deyəsən qızla gəzməyə yenə razı olmayıblar? Rəcəb dinmədi. Mən Həsənə göz vurub başladım: – Canım, qız bunu istəyir, bu da qızı. Bilmirəm bu ortaya girənlər nə deyir? Rəcəbin yarası qanayan kimi oldu, başını dik qaldırıb söyə-söyə: – Vallah, bilmirəm bu köpək uşaqları bizdən nə istəyirlər? Rəcəb sözlərini elə məzəli qeyzlə bitirdi ki, gülməkdən az qaldı qəşş edək. Həsən sual verməyə başladı: – Axı bu gün görüşəcəkdiniz, bəs necə oldu? –?! – Mən ölüm, necə oldu? Rəcəb bir az gülümsünərək: – Əşi, görüşəcəkdik; demişdi, aşağıda, ağacın altında gözlə gələcəyəm. Məktub verəcəkdi... Bir köpəkoğlu dəllək şagirdi bizə göz verdi, işıq vermədi. Rəcəb sözünü bitirib yenə qəmlənərək başını aşağı saldı. – Deməli, məktubu ala bilmədin? Rəcəb yavaş səslə: – Aldım. – Bəs niyə gəzmədin? Rəcəb yenə qeyzlə: – Əşi, deyirəm dəllək göz verdi, işıq vermədi. – Deməli, dəlləkdən qorxdun, hə? İndiyə qədər cürətsiz görünən Rəcəb Mürsəlin sözündən alovlandı: – Yox bir, öldüm. Vallah beşi yığılsa, arxa yerə vermərəm. Qızın xatirəsi üçün dinmirəm: qorxur atasına xəbər versinlər ki, qızın müsəlmanla gəzir. Rəcəb bir az susdu. Sonra birdən əlini çiynimə vurub dedi: – Murad, sən öl, bilirsən Hayqanuş necə qızdır? Deyir: – Rəcəb, bizi təqib edənlərdən zəhləm elə gedir ki, görməyə gözüm yoxdur. Bunu erməni qızı söyləyir... Qəribə işdir. Deyirlər qızla gəzən kim olur-olsun, istər sərsəri olsun, amma erməni olsun. Mən məktəb şagirdi, eyibliyəm, çünki müsəlmanam. Məntiq varmı? Nə vaxta qədər din fəsad toxumu əkməkdə davam edəcək? Dağdan aşağı enirdik. Saat on idi. Rəcəb hələ də Kərəm dədə kimi yanırdı. Onu danışdıran eşq havası idi. 29 mayis. Darvaza döyüldü. Gedib açdım. Xudu idi. Xudunu tanıyırsınız – qəssab Kərbəlayı Vəlinin oğludur. Sənəti sərsərilikdir. Ən böyük məharəti: məhəllədəki baqqal dükanının qabağında mərcə gedər. – On xiyar yeyim, pulunu ver. – Yeyə bilməzsən. – Yeyərəm. Doğrudan da yeyər, zorla da olsa yeyər. Şəhadət barmağını tərpədərək beş girvənkə tut yeyər, üstündən də bir neçə girvənkə qıcqırmış qatıq içər. Bu böyük bir məharət deyilmi? Xudu məni görcək boynunu çiyninə qoydu: – Ay bəy, – dedi, – başına dönüm, toyuğum qaçıb buraya girib, qoy gəlim tutum. Mən heyrətlə: – Toyuq buraya haradan gələ bilər – dörd tərəf uca barıdır? Xudu yalvarar bir sifətlə: – Ay bəy, vallah əlimdən uçdu. Acığım tutdu, həm də gizlincə güldüm. Biçarə Xuduya yazığım gəldi. Xudu öz aləmində məni sevmiş. Mən bunun məhbubu olmuşam. Ha-ha-ha. Məni görmək istəyəndə gələr toyuğu divardan içəri atar, sonra da ağlamsına-ağlamsına qapını döyər. Toyuğu tutmaq bəhanəsi ilə məni ziyarət edər. Doğrusu bu sətirləri yazmağa utanıram. Qorxuram dəftərim ələ düşə, rüsvay olam. Amma bu sirlərdən kimsə xəbərdar olmaz, zənnindəyəm, çünki dəftəri həmişə çamadanda saxlayıram, açar da özümdə olur. Əvvəl Xuduya acığım tutdu, onu döymək istədim. Sonra vaz keçdim. Acığım soyudu, bir az da ona yazığım gəldi. Xudu kimdir? Xudu müzür bir mühitin meyvəsi. Qadınları çarşabda olan bir cəmiyyətin üzvü Xududan artıq olmaz ki... Toyuğu tutub Xuduya verdim və sərt bir sima ilə: – Xudu, – dedim, – bir də toyuğun uçub bizim həyətə düşsə, səni buradan sağ buraxmayacağam. Bunu dürüst bil. Xudu bərk qorxdu. Üzümə baxmağa belə cəsarət etmədi. Çıxdı. Arxasından darvazanı bərk çırpdım... Nədənsə sonradan əsəbiləşdim. Bədənim əsməyə başladı. * * * Camaşırım hazırdır. Şənbə günü gedirəm. Anam yol üçün suxarı və fətir də bişirəcək. Zarafat deyil, mən anamın ən böyük oğluyam. Çocuqluğumda məni atıb – tutub dey ərmiş: “Mən anamın ilkiyəm Ağzı qara tülküyəm...” İndi belə bəzən başımı dizinin üstünə qoyaram, eyni sözləri təkrar edər. Mənə bəslədiyi eşqini anam yalnız bu sözlərlə ifadə edər. Bizim analarımız səs-küy və şöhrət bilməzlər. Məhəbbətlərinin zahiri əlamətləri belə yox kimidir. Bir dəfə də olsun anamın məni öpməsini xatırlamıram. Amma xəstə oluramsa... yatağımın ətrafında pərvanə kimi dolanar, gecə yuxu, gündüz rahatlıq bilməz. Belə analar sevilməzmi? 30 mayis. Gecə saat iki. Yenicə yatağımdan qalxıb, çırağı yandırmışam. Gözlərimə yuxu gəlmir... 31 mayis. Kefim yoxdur. Yuxusuzluqdan rəngim qaçmış, hava da könlüm kimi pərişandır, göyün qara buludları qəlbimin qüssədən qaralmış qanına bənzəyir... Bu qədər mənəvi əzabın səbəbi nədir?.. Oğru, əyri, yolkəsən, avara, uşaqlara sataşan həp bizdən. Mənim şəxsi tərbiyəm, qanacağım, ləyaqətimlə uğraşan varmı? – Kimdir, müsəlman? – Kafi. Başqa bir şey arayan yoxdur. Əminəm ki, bir İvanın və ya Henrixin oğlu olsaydım, ən böyük hörmətə nail olardım. Nə edim ki, atam Məşədi Əbdül, özüm də Muradam... 1 həziran. Gedib saçlarımı dibindən vurdurdum: indi ki, qızların məndən zəhləsi gedir, qoy büsbütün getsin. Mən ki, xoş rəftarımla onların rəğbətini qazana bilmədim, qara telimləmi qazanacağam? Sabah səfərdir, dərdlərim unudular zənnindəyəm... Öz evimizdə belə yad olmuşam. Ürəkdən danışmaz, gülməz, əylənməz, hər şeydən qorxardım. Atam məni tez-tez döyər, taleyim belədir, – deyə etiraz etməzdim. Yalnız ata deyil, çocuqları hər kəs döyər. İyun Şəhərimizdə on yeddi məhəllə var, hər məhəllənin bir məscidi və xüsusi həyatı var. Bir məhəllənin çocuğu o birisinə getdimi döyərlər. Bu adətdir. Ən gözəl tərbiyə çocuğu həyət hasarından kənara buraxmamaq idi. Mən də belə böyüdüm. Yoldaş yox, oyuncaq yox, bizimləməşğul olan yox. Ətrafımdakılara bir sual verdikdə: – Az danış, başım getdi, – deyə cavab alardım. Çocuqluq şərəfim qırılar, daxili aləmimə çəkilib mənəvi yaralarımı qəmlə bəslərdim. Yadımdadır, bir dəfə bir araba qayırıb qarda gizlicə sürüşdüm. Şalvarımın arxası yaş olmuşdu – bu, sirrimi açdı. Məni bol döydülər, arabamı da sındırıb, dəmir sobada yandırdılar. Arabadan sonra bir həftə yasa batdım, xəlvət guşələrə çəkilib gizli-gizli ağlardım, Beləcə, ətrafın zorbalıqları, vəhşəti, istibdadı qəlbimin şüşəsini sındırdı. Qəlbimdə daimi bir yaram var. Hər bir acı söz, acı rəftar ona toxunar, nalələr qoparar. 2 həziran. Sabah ertə hambal gəldi, şeylərimi götürdü ki, karvansaraya aparıb faytona qoysun – tək səbir gəldi. Şeyləri alıb hambalı yola saldılar ki, tək səbirdən sonra səfərə çıxmaq olmaz. Səbrin səfərə dəxli olmadığını anlatmağa qalxışdımsa da, bir nəticə vermədi. Atam-anam çəkilib işlərinə getdilər, mən də bu avamların dərdini qəlbimə doldurub odlandım. * * * Bu axşam heç yerə getmirəm. Gülşəni dağılmış bülbül kimi pərişanam. Fəğan etmək istərdim, lakin fəğanımı dinləməyə müstəid bir adam varmı? Təkcəyəm, kimsəsizəm, fəğanım da təkcədir. Yeganə yoldaşım, bircə sirdaşım dəftərimdir. Indi pəjmürdə halımla onun qarşısında durmuşam. Kirpiklərim göz yaşlarımı saxlamağa acizdir. Budur, odlu bir damcı əlimin üstünə düşdü, o birisi dəftərimi islatdı. Ağlayıram, bəli acizəm, zəifəm. Bu göz yaşlarımdan bir düzüm yapıb səadət ilahəsinin gərdənindən assaydım da. Ev pərişan, dava-dalaş, deyişmə, qarğış. Atam anamı döyür, anam da acığını qızlardan alır. Bu bədbəxt məxluqa qarşı yapılan zülmü gördükdə, insan dəli olmaq istəyir. Bu qaranlıq məhbəsdən çıxdıqda bundan daha da qaranlıq küçəyə düşürəm. Vəhşi kişilər gözləri ilə məni yeyirlər. Fəna komplimentlərindən qızarıram, çaşıram, özümü itirirəm. Yenə xaraba evə dönürəm. Ev pozuq, küçə pozuq, əcnəbilər arasında bizə yer yox. Məktəb bunlardan da xarab: dinirsən, “tatarskaya lapatka” deyə başına çırpırlar. Tarix dərsi də ki, bir şərəf əzabı – hər sətri xalqımıza və keçmişimizə bir tənə və istehza... “Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun”. 3 həziran. Xoruzbeçələrin banlayışı sanki yeni bir aləmdən xəbər verirdi. Xumarlanan gözlərim alaqaranlığı süzür, məstliyində davam edirdi. Xoruzlar təkrar banlaşır, məni yuxudan ayıldırdılar. Dan ulduzu sönük şüaları ilə gözümə çarpdı, təbəssümlər göndərən kimi oldu. Cəld geyinib bağçaya endim. Quyudan su çəkib üzümə vurdum, ayıldım. Gözəl bağçam dərin bir sükuta dalmışdı. Yüzlərcə bakir libaslı qönçələr günəşin yaldızlı şüasını gözləməkdə idi, zanbaqlar məğrur başlarını yüksəldərək səf çəkmişdilər, məni görcək təzim edən kimi titrəşdilər, rəngarəng pərvanələr həzarbutaların ətrafına fırlanaraq rayihədən məst olmuşdular... Əlimdə bel əlvan çiçəklərin arasından keçərək, hər yeri yoxladım: alaqları dartıb atdım, kolların diblərini qazıb boşaltdım, quru budaqları qayçılayıb atdım. Günəş göründü, bağçaya zər səpildi, ətrafı süsləyən şeh inciləri minbir rəng çaldı, çiçəklər nəşələr saçdı, altun qanadlı pərvanələr və arılar mizrabı simlərə vurar kimi güllüyü lətif təranələrlə doldurdular. Belə söykənib bağçanı heyrətlə seyr edirdim. Ürəyim birdən sıxıldı, qərib hisslər duydum: acı bir nəşə qəlbimi yaraladı... Sinanın gözəl siması çiçəklər arasından yüksəlib gözlərimi əsir etdi... * * * Tam bir il (əsrlərcə uzun sürən bir il) əvvəl idi. Sinanı ilk dəfə görmüşdüm. Uzun boyu, al yanağı, qara atlaz saçları, xoş baxışı hala gözlərimin qarşısında cilvələnir. Onu görməmişdən əvvəl yuxusuz gecələr bilməzdim, qəlbimi viran etdi. Ilk dəfə olaraq yeni həyat üçün ayıldım. Kefim yoxdur, yaza bilmirəm. Sonu sabaha qalsın. * * * Qızılı ya gümüşü, parlaq Hələ də, indi də * * * 4 həziran. Çar hökuməti erməni kilsəsinə məxsus əmlakı almışdı. Bizim vəqf əmlakı da alınmış və indiyə qədər geri verilməmiş – bizimlə hesablaşan kimdir ki? Rusiyanın rus-yapon müharibəsi və inqilab kimi çətinliklərindən istifadə edərək daşnaq firqəsi terrora başladı: günün günorta çağı hökumət məmurlarını küçələrdə öldürməyə başladılar. Şuşada da az adam qırmadılar. Şəhərə əsgər gəldi, idareyiürfiyyə elan olundu. Sina gələn kazak zabitlərindən birinin qızı idi. Osetin idilər. Ona ilk dəfə balkonda rast gəldim. Bu kifayət idi. O gündən etibarən o cazibəli sima varlığıma hakim kəsildi. Hər gün neçə dəfə balkonun altından keçər, onu görmək istərdim, bir gün görməsəm, dəli kimi olardım. Mənim üçün ən məsud dəqiqələr balkonun altında keçirdiklərim olurdu. Başqa vaxtlarım əzabdan ibarət idi. Məni heç bir şey maraqlandırmırdı – məktəb zindan, ev zindan, hər yer zindan idi. Nə yoldaşların danışığı, nə evdəkilərin söhbətləri – heç biri məni məmnun etmir, biləks acığıma səbəb olur. Yazıq çocuqları mən də incitməyə başlamışdım. Sina ilə tanış ola bilmədim, yəni fikrində də deyildim. Bütün mənəvi mükafatı yalnız onu görməkdə bulurdum. Getdi. Bir müddət dərd içində çırpındım. Zaman unutdurdu. İndi çiçəklərlə bərabər yenə qoxulayır, yenə qəlbimə qonaq gəlir. * * * Axşam saat ondur. Evimizdə hamı yatmışdır. Bir bizdə deyil, şəhərdə “müsəlman” deyilən burunlu-qulaqlı bütün məxluq yatmışdır. Bunlar günün qulağı batandan bir saat sonra çörəklərini yeyib, namazını qılıb yatağa sərilirlər. Nə etsinlər – oxumaq, yazmaq yox, kitab yox, əyləncə yox... heyvani bir həyat. Bağçanın bir guşəsində şam işığında oturub yazıram. Bilirəm atam işığı görsə üzümü danlayacaq: Gecənin yarısına kimi də deyəcək çıraq yanarmı? Belə tələfxərclik olmaz ki, sən eləyirsən? Mən bir qəpik qazanınca can allaha verirəm, sən də mənə qəsd eləyirsən. Bunlar atamın həmişə dediyi sözlərdir. Bu sözləri çocuqluğumdan eşidirəm: – Ədə, pələsək vurma, başmaq yırtıldı. 16 – Ədə, ağaca dırmanma, şalvar yırtıldı. – Ədə, az ye, çörək qurtardı. Bu kimi ifadələrə qulaqlarımız alışmış. Bu sözlərin sayəsində cəsarətimiz qırılıb getmişdir. Ata-anamızdan bir əmr sadir olar deyə kirpiklərimizi qırpmağa belə cürət etməmişik. Indi iyirmi üç yaşım var (rəsmi kağızlarımda yaşım iyirmidir, bu doğru deyildir), həm də atamın nüfuzundan qurtara bilmirəm. Neçə gündür avamlığı ilə başıma ip salıb oynadır: şənbə günü tək səbir gəldi, səfərimə razı olmadı, dünən saat xoş deyilmiş, bu gün “bəni yumə”dir, nəhs gündür, sabah qəmər əqrəbdə olacaq... Müsəlman il uzunu saat xoşladır, fala baxdırır, qurana istixarə etdirir. Axırda da hamıdan geridə, kirli və vəhşi bir həyat keçirir. Bizim sadəliklə işimiz yoxdur, hər şey mürəkkəb və dolaşıqdır. Bircə ayların adına bax: Məhərrəm əl haram, Səfər əl müzəffər, Şəvval əl mükərrəm. Bircə adam adlarına bax: Məşədi Imamqulu, Kərbəlayı Ocaqverdi, Hacı Yaftıməli... Bircə adətlərə bax: məhərrəmlikdə xəncər götür, öz başını vur-yar qanın tökülsün, bədənini deşdir, dərindən qıfıl, güzgü, ox as... hər şey dolaşıq, hər şey ağıl şaşdıracaq qədər axmaqdır... Mən də bu çürük mühitin meyvəsiyəm. Qara suda bitmiş yarpız kimi, həm özümü, həm də başqasını acılayıram. Atam məndən dilgir, mühit məndən dilxor. Evdə ağzımı açıb danışa bilmirəm: – Sən danışma, heç bir şey bilmirsən. Böyüyün sözünə bax! – deyə hər tərəfdən ağzıma vururlar. Böyük də barı böyük ola. Yazıq ağzının çörəyini yeməyə qadir deyil. Özü də dünyada molla Səlimdən böyük, ondan müqəddəs bir sima tanımır. Onu görəndə səcdəyə düşür. Molla da müridlərin əhvali-ruhiyyəsinə gözəlcə bələddir – başlarına ip salıb istədiyi yerə sürüyür. Qəribə burasıdır ki, atam məni də molla Səlimə mürid etmək istəyir, deyir: – Niyə ağanın yanına getmirsən, səni çox xəbər alır. Deyirəm: – Getmirəm, çünki mənim boynuyoğun və insafsız adamla işim yoxdur. – Bu sözlərimin üstündə atam bir dəfə az qaldı vurub məni öldürsün. Bir iri daş götürüb belimə salmaq istəyirdi, qaçdım, canım qurtardı. Atamın məndən zəhləsi gedir, məni laməzhəb bilir: – Sən moltanısan, – deyir, – sənin allahın yoxdur. Atam mənim oxumağıma əsla razı deyil. Məni məktəbə qoyan anam olmuş, sonra da özüm davam etmişəm. Atam molla Səlimin məsləhəti ilə məni məktəbdən çıxarmaq istəmiş, bacara bilməmiş. Dörd ildən bəri bu barədə atamla danışığımız olur, söyür, söylənir, çığırır, bağırır – əlinə bir şey gəlmir. 5 həziran. Sabah ertə yenə atamla sözüm çəp gəldi. İstehzalı bir təbəssümlə dedim: – Ay dədə, bəs qəmər əqrəbdən nə vaxt çıxacaq? Atam ciddi cavab vermək istədi, lakin istehzalı təbəssümümü gördükdə şaşırdı. Nə cavab verəcəyini bilməyib darvazaya tərəf getdi və sonra nə düşündüsə, geri döndü: – Ədə, – dedi – atamın goru haqqı sənin məzhəbin-zadın yoxdur. Nə şəriət tanıyırsan, nə imam. Heç zad tanımırsan. Gör nə təhərdisə molla Səlim ağa kimi kişi də səndən razı deyil. Atamın sözlərini kəsdim: – Sən molla Səlimin atasının goru, qoy oturum – dedim, – molla Səlim yaxşı olsa, evində arvad sürüsü saxlamaz. Adam sözü danış. Atamın rəngi üzündən götürüldü, çuxasının qolunu titrək əli ilə çirməyib üstümə yüyürdü... Mənə yaxınlaşdıqda əllərini aşağı saldı. Mətanətli baxışım onu bir az da utandırdı: – Çörəyim səni tutsun, – deyə kişi başını aşağı saldı və yavaş-yavaş geri çəkildi. Deməli, nə vaxt gedəcəyim yenə bəlli olmadı... Anama deyirəm: – Ay ana, bəs məni nə vaxt yola salırsan? Deyir: – Belə olsa, heç vaxt. – “Belə olsa” hansıdır? – deyə ehmal soruşuram. Anam acıqlanır: – Özünü xora-xoşa qoymusan, yekə kişini uşaq kimi ələ salıb oynadırsan, üzünə ağ olursan. Sonra da deyirsən günahkar odur. Gülmək məni tutur, anam daha da acıqlanır. – Dişi pişik kimi hırıldama, – deyir. Gülmək məni götürür. Gülürəm. Axırda rişxəndli bir qayda ilə cırıq arxalığının qolundan yapışıb yuxarı qaldırıram, yenə gülürəm. Anam da gülür və qolunu dartıb məndən qurtarandan sonra: – İtil o yana, vurulmuş! – deyə gedir. Arxadan ona bir müddət tamaşa edirəm. Çirkli paltarını və yalın ayağını gördükdə həm ağlayıram, həm gülümsünürəm. – Yazıqlar, – deyirəm, – sizin içinizdə yaxşıca oda düşüb yanıram. Anam dönüb ciddi bir sima ilə baxır və inanmaz bir səslə: – Balam, – deyir, – sənə nə pislik eləyirik? Başından bir tük əskik olmağına razı deyilik. Sənə nə yamanlıq eləyirik? Anam cavab gözləyən gözləri ilə bir az üzümə diqqətlə baxır, mən də onu süzürəm və öz-özümə düşünürəm: “Anam və atamla mənim aramda bir uçurum var; nə bunlar bunu keçməyə müstəiddir, nə məndə meyl var. Uçurum əbədidir. Bunların yaralarına duz səpməkdən vaz keçməm yaxşı deyilmi?” – Ana, – deyirəm, – mənə heç biriniz yamanlıq eləmirsiniz. Ancaq sən allah, məni tez yola salın gedim... Anam sakit olur və ehmal səslə: – Arxayın ol, şənbə günü allah qoysa gedərsən. – Allah qoymasa nə təhər olsun... Anam yenə acıqlanır. Əllərini çırpıb ümidsiz bir halda məndən uzaqlaşır. Tək qalıram. Peşman oluram. Öz-özümə darılıram. * * * Neçə gün var ki, bulvara getmirəm. Bu gün yoldaşlarım dalımca gəlmişdilər. Həyətdə oturub çay içdik, hal danışdıq. Baxıram bu dörd yoldaşın hərəsində bir xasiyyət var: heç biri o birinə bənzəmir. Mənsub olduqları ailə tamamilə başqa-başqadır. Həsən həkim oğludur. Həkimlik bunlarda irsidir, atadan oğula keçir. Təhsili də evdə alarlar. Mürsəl bəy balasıdır. Böyük bir imarətləri var, lakin bu imarət uçubtökülüb, xaraba bayquş yuvasını andırır. Atası il uzunu kənddə olar, ailəsi də şəhərdə acından ölər. Mürsəlin qışın soyuğundan örtünməyə bir paltosu belə yoxdur. Böyük qardaşı studentdir, ikisi də gözəl oxurlar. Rəcəbin atası tacirdir, pul müamiləyə verər, axır vaxt qaçaqçılıq edir. Bu saat silaha yaxşı pul verildiyi üçün Rəcəbin atası da zəngin olmuşdur. Aramızda ən laübalı Həsəndir. Başlıca vaxtı kefə gedir. Çarşablı qızlardan belə bir çox dostları var. Mən də ki, bəlli: kitab yolunda hər şeydən keçərəm. Peterburqdan məcmuələr gətirdirəm, böyük bir kitabxanam var. Bugünkü söhbətimiz çox əndişəli keçdi. Həsən hamımızdan yaşlı və təcrübəli olduğu üçün bizim dərk edə bilmədiyimiz bir çox məsələni aydınlaşdırdı: – Görürsünüz, – dedi. – Bizə qarşı düşmənçilik artır. Özləri də bərk hazırlaşır: bol tüfəng, tapança və patron alırlar. Daşnaq fədailərinin əlindən şəhərdə yer yoxdur. Bunlar hamısı kəndlərdən gətirmə adamlardır. Rəcəb Həsənin gülə-gülə dediyi sözlərdən dilgir oldu: – Hamı satır, – dedi, – biri də mənim atam. O, satmasa nə olacaq ki? Mən heyrətlə: – Bəs hökumət bilmirmi? – dedim. Həsən güldü: – Elə bu işləri edən hökumət deyilmi? Dovşana qaç, tazıya tut deyir. Bakıdakı qırğını qubernator eləmədimi? Mürsəl: – Məlum işdir, – dedi, – xalqı bir-birinə qırdırmaqla inqilabı susdurmaq istəyir. Bu məsələ ətrafında uzun-uzadı danışdıq. Bilmədiyimiz və maraqlandığımız bir çox işlər aydınlaşdı. Mən şəxsən ayılan kimi oldum. Keşişlər çocuqlara, görünür, şovinist bir tərbiyə verirlər. Əsgərliyə çağırılan gənclər kəndlərdən şəhərə toplandıqda müsəlmanlara hücum edirlər. Bunlar hamısı daşnaqların propaqandası nəticəsində imiş. Bunlar nəyə lazım? Əsrlərdən bəri yan-yana yaşayan iki xalq arasına nifaq salmağın faydası nədir? Xülasə, biz cahil, ermənilər də mədəni dəli. Erməni kitabxanasına tez-tez kitab almağa gedirəm. Erməni məsələsinə dair nə qədər kitab yazmışlar. Hamısı da kin və ədavət saçır. Gənclər bu kitabları oxuyaraq yollarından sapırlar. Nə isə, bu işlər xoşuma getmir. Əlimdən də bir iş gəlmir... Könülaçan da bir iş yoxdur. 6 həziran. Yenə qara buludlar könlümü bürümüş, yeni həyat acılığı damağıma çökmüş. Dərdlərimə şərik axtarıram. Dəftərim, sevgili dostum səhifələrini məndən əsirgəmir. Yazıram. Qələmimin ucundan göz yaşları damır. Ürəyim sızıltılarını kağıza tərk etmək istəyir. Yazığam, bəxtiqarayam. Keçmişim qəm, hal-hazırım qəm, gələcəyim qaranlıq. İşıq əsəri görünmür, gənclik də dayanmır, gedir. Məndən uzaqlaşır. Dayandırmaq istəyirəm, dayanmır, ah-zar eləyirəm, nalələrim cavabsız qalır. Hərdən iztirabla güzgünü qarşıma qoyub özümə tamaşa edirəm. Çöhrəmi solğun gördükdə ürəyim odla dolur. Üzümdə gənclikdən heç bir nişanə qalmamış, xəzan yarpağı tək saralıb solmuş. Alnımda, gözlərimin ətrafında, dodaqlarımın səmtində acı həyat izləri görünür, tam simam qırışmağa başlayır. Qara iri gözlərim qəmli pəncərələrindən vəfasız dünyaya dalğın-dalğın tamaşa edir. – Ağla, – deyirəm, – ağla ey bəlalı gözlərim. Gənclik mülkündən əlin çıxır, ümid şamlarını zəmanə söndürmək istəyir. Gözlərim sanki sözlərimi dinləyərək buludlu qəlbimdən qanlı yaşlar axıdır. Qocalmağıma inanmaq istəmirəm. İstəyirəm hələ həyatımın baharına inanım, ümidlə yaşayım, səadətin şux baxışının məftunu olum, güzgü aman vermir: – Gənclik gedir, – deyir, – tale üz gizləyir, bahar gülləri qönçə ikən solur. Qələm əlimdən düşür. Başımı yazı masasına söykəyib cənnətini itirmiş Adəm kimi, aləmi göz yaşında boğmaq istəyirəm. * * * İndicə bulvardan gəlirəm. Neçə gün evdə oturmağım yoldaşları heyrətə gətirmiş. Bilxassə, Manya çox maraq etmiş. Rast gəldikdə mən onu soyuq qarşıladım, o isə gözləmədiyim bir tərzdə mehriban idi: gülə-gülə təzim etdi və keçdikdən sonra döndüm, o da dönüb mənə baxırdı. Ona darıldığımı görünür duymuş. Ehtimalım doğru oldu, bir az sonra bir çocuq göndərib mənimlə görüşmək istədiyini bildirdi. Bulvarın kənarında yarım saatlıq vüsala nail oldum. Uzun saçının ucu ilə oynayaraq: – Mənə çoxmu darıldınız? – deyə başını qaldırıb üzümə baxdı, mərcan yanaqları daha da qızarıb parladı. – Təbii deyilmi? – dedim. – Bizdən qaçmaq bizi vəhşi zənn etmək deməkdir. Bu da doğrusu mənəvi əzablar verir. Məndən münasibətsiz bir hərəkət gördünüzmü? Manya utanaraq: – Görmədim. Həmişə sizin nəzakətinizdən bəhs edirəm. – Bəs məndən qaçmanızı nə ilə izah etməliyəm? Manya qızardı, şaşdı, cavabdan aciz qaldı, dili dolaşaraq: – Bilirsiniz... Belədir... Müsəlmanlarla gəzməyimizə razı olmurlar. Bizdə nə ixtiyar var? – Manya, – dedim, – bu gün Rusiyada inqilab olub. Bu inqilabın şüarlarından biri də dini və milli, ziddiyyəti ortalıqdan qaldırmaqdır. Biz gənclərin vəzifəsinə nə düşür? Manya sözlərimi kəsdi: – Bunları bilirəm, – dedi. – Amma nə edə bilərəm ki... Manya sözlərini bitirərək günahsız gözləri ilə gözlərimin içinə baxdı, sanki: “Bizi zahirən ayırsalar da, qəlbən birik” – demək istəyirdi. Ağacın arxasından bir seminariya tələbəsi göründü. Onu Manya görcək əlini cəld uzadıb iri addımlarla uzaqlaşdı, mən də məyus bir halda xiyabana döndüm. Rəcəbə rast gəldim. – Səni gəzirəm, – dedi, – haradasan? Anlatdım. – Xoşbəxtsən! – deyə köksünü ötürdü. Bir neçə dəqiqə sükut içində keçirdik. Sonra Rəcəb: – Student Xaçaturyanı gördünmü? – deyə sordu. – Görmədim, necə? – Bir dərnək təşkil etmək istəyir, müsəlmanlardan da səninlə məni cəlb etmək istəyir. – Nə dərnək? – Gəncədə Süleyman Mehmandarov adlı bir gimnaziya tələbəsi var. Bu tələbə sosialistdir. Buraya gəlib, beynəlmiləl bir təşkilat yapmışdır. Xaçaturyan da onun üzvüdür. Xaçaturyan bizə leksiya oxuyacaq. – Bu yaxşı fikirdir, ancaq heyf ki, mən gedirəm. Istəyirsən, Mürsəli cəlb et. Rəcəb düşündü. – Nə bilim, görək, – dedi. Bu əsnada Həsənlə Mürsəl yanaşdı. Həsən həmişəki kimi bığlarını burub, zümzüməsinə davam edirdi, Mürsəl də belini əyib, çənəsindəki yumşaq tükləri burmaqda idi. Həsən istehza ilə: – Gecə keçir, – dedi, – gəlin gedək, bozbaşımızı yeyək, yataq. Yoxsa indi atam gələr əlində fanus bura çıxar, qızların yanında rüsvay olaram. Hamımız qəhqəhə çəkib güldük. Həsən zarafatında davam edirdi: – Zalım oğlunun bir papağı da var arşın yarım. Atalarımızın arasında yenə Mürsəlinkindən yaxşısı yoxdur. Bir iş var ki... onun da papağı təkər kimidir. Buradan buraxsan düz bulvarın aşağısında dayanar. Ha-ha-ha. Atalarımızın sözü danışılanda utanardıq, Mürsəl də qızarıb, Həsənin qoluna girdi və ortalığa söz qatmaq üçün: – Bir segah de, qulaq asaq, – dedi. Həsən gülə-gülə: – Segahı neynirsən? Indicə evə çatdıqda atamız bir elə segah deyəcək ki, dadı sabaha qədər damağımızdan getməyəçək. Bu saat yatıblar (xasiyyətləridir – gün batan kimi soyunurlar), elə ki, darvazanın döyəcəyini üç dəfə kəlmə-kəlmə vurdum, biləcək mənəm. Bu kifayətdir, zümzümə başlayacaq: “Başınıza dönüm, – deyəcək, – adam da bir bu qədər gəzərmi? Axır bilmirəm o bulvarda nə var ki, bu oradan üəl çəkmir. Biz görmüşdük bağa gəzməyə gündüz gedərlər, daha gecə getməzlər, özü də hər gün yox, düşəndə bir. Bu, iş-peşə eləyib...”. Deməli qapıya gəlincəyə qədər “çalacaq”. Mən də adət eləmişəm, heç dinmirəm. Deyir, deyir, yorulur. Rəcəbin də yaraları təzələndi, o da atasından şikayətə başladı: – Mənimki də tutub ki, gəl məktəbdən çıx, səni evləndirim. Həmişə də məsəl çəkər, deyər: “Uzun ayaq zibil gətirər”. Həsən gülə-gülə Rəcəbin sözlərini kəsdi: – Sənin də ayaqların yaxşı ki, gödəkdir. Ha-ha-ha. Yoxsa kişinin evini lap zibillərdin. Rəcəb Həsənin sözlərindən pərt oldu. Çünki alçaqboy və gödək ayaqlı olduğundan dilgir idi. Bunların xatırlanmasını istəməzdi. Bir müddət sakit keçdi. Ermənilərin işıq və geniş küçələri bitib, bizim dar və qaranlıq küçələr başlandı... Həsən sükutu pozdu: – Başına daş düşsün, müsəlman, – dedi. – Bircə küçələrə bax, uçuq daxmalara bax. Barı lağımların üstünü də örtdürmürlər ki, bəlkə bu üfunət kəsilə. – Kim örtdürəcək, – dedim. – Şəhər idarəsində adamımız yoxdur ki. Orada bir neçə hacı var, onlar da iclas zamanı yatırlar. Hamı susdu. Sanki bu xalqın ayılmasına kimsənin inamı yox idi. Mən də şapkamı qəmli gözlərimin üstə çəkib, dərin bir sükuta daldım. 7 həziran. Eyni məsələ, həyat məsələsi həmişə məni düşündürür. Şüur nə böyük əzabdır! Dünyada insan bir dəfə yaşayır, gənclik müvəqqəti bir hədiyyədir – bunları dərk edirəm, lakin istifadə edə bilmədiyimdən yanıb bitirəm. Yaşayışımız bir yaşayışmı? Çıxacaq lazım – bunu da bilirəm, ancaq yolu itirmişəm... Atalar deyir: “Sabah gününə qızmayan axşam gününə heç qızmaz”. Mənim gənclik sabahım elə sislərə dalmış ki, günəşin istisinə ümidim heç də qalmamışdır. Gəncliyimin bütün zinəti yoxsulluqdan ibarətdir. Başqaları qızların nəzərini cəlb etmək üçün gündə bir paltar geyir. Mənim də allahdan istiğasəm budur ki, çəkməm tez yırtılmasın, şalvarımın arxası tez deşilməsin. Çünki (Allah eləməsin) mənə belə bir müsibət üz versə, tamamilə halım xarablaşar. Odur ki, səhər yuxudan oyanar-oyanmaz təftiş başlanır: acı bir iztirabla çəkmələri qaldırıb altlarına baxıram, üstlərini əlləşdirirəm, dabanlarını gözdən keçirirəm. Sonra qorxa-qorxa şalvara əl atıram, qaldırıb arxasını işığa tuturam... Süzülüb işıq verdikdə şalvar əlimdən düşür, ixtiyarsız halda donub qalıram. Bir az keçmiş öz gözlərimə inanmamağa başlayıram: yenidən şalvarı qaldırıb diqqətlə tamaşa edirəm. Hövsələdən çıxıram. Əlac nədir? Bilirəm atam pul verməyəcək, “niyə tez yırtıldı?” – deyə hələ məni də lazımınca məzəmmət edəcək. Özümün də ki, pulum yoxdur, iyirmi-otuz manta dərsdən pul qazanmışdım, o da kitaba, dəftərə və başqa xərclərə getdi. Ümidimi yenə atama bağlayıram. Anamı öyrədirəm ki, atamı yola gətirsin. Atamın da yola gəlməsi neçə ay çəkir. Tərs kimi də paltarın yırtılması mayisin sonuna təsadüf edir. Istidən paltolu gəzmək olmaz, paltosuz da cırıqlar göz qarşısında... Başqaları gəzib əylənəndə mən də evdə oturub cırıq dərdi çəkirəm. Bədbəxtliyə bax ki, bu gün baxıb görürəm çəkməmin üstü çatlamış. Bilirəm bir-iki gündən sonra deşiləcək... * * * Bu axşamı da keçirdik getdi. Bu gün Rəcəb axşamadək bizdə idi. Naharı da bir yerdə elədik. Rəcəblə dostam. Onunla mənimki tutur. Qeyri-mütəəllimlər kitabdan dilxordurlar. Rəcəbdə bu sifət yoxdur. Bu da mənim kimi şairpərəstdir. Həmişə şairlərin xoşumuza gələn əsərlərini bir yerdə oxuyuruq. Bunun ən sevdiyi şair Lermontovdur, mənimki lord Bayron. Mən də Lermontovun aşiqiyəm, amma təqlidim Bayronadır. Tez-tez tərcümeyi-halımı onunku ilə müqayisə edirəm. Onun təsviri həmişə yanımda olur. Bu gün də Henrix Heynedən bir qədər tərcümə elədik. Şeir albomum bir az da dövlətləndi. Dindar bir adam müqəddəs kitablardan həzz anlayan kimi mən də şeir albomumdan ruhani bir ləzzət aparıram. Ürəyim dərdlənəndə bağçanın bir guşəsinə çəkilib oxuyuram. Kərəm kimi od tutub yanaram, göz yaşlarım həzin-həzin yanağım aşağı axar. Özgələrin şeirləri dərdlərimə tərcüman ola bilməzsə, öz şeirlərimlə halımı bəyan etməyə çalışaram. Amma şeirlərimi bir kəsə oxumaram. Çünki onlar hisslərimin vasitəsidirlər. Bu vasitəlik bir sirri-müqəddəslə əhatə olunmalıdır. Mən özümü balaca bir şair hesab eləyirəm. Ürəyim də şair ürəyi kimi yaralıdır. Dərdlənəndə yaralarımdan soyuq qan axmağını hiss eləyirəm... 8 həziran. Sabah tezdən gedirəm. Allah eləyəydi, daha tək səbir gəlməyə idi. Bir tərəfdən sevinirəm, bir tərəfdən də ürəyim açılmır. Şad ola bilmirəm. Həmişə mənim şad olmağımda da bir ürək sızıltısı gərək olsun. Tutqun qəlbimlə ətrafımdakılara “xudahafiz” deyirəm. Əlvida! Ey sevgili kitabxanam. Sağlıqla qal, istəkli Bayronum. Kim bilir, bəlkə geri qayıtmayacağam. Bəlkə qəza qürbət ellərdə mənə əcəl şərbəti hazırlayır. Bağçam təkcə qalacaq. Gül bülbülsüz, bağça Muradsız olarmış. Salamat ol, gözəl bağçam. Rayihənlə damağımı çox oxşamısan. Qəmli dəqiqələrimi, ənbərəfşan çiçəklərinlə əhatə edib mənə şadlıq nə olduğunu dəfələrlə anlatmısan. İndi səni, zəhmətlərim məhsulunu qoyub gedirəm... Ağlama, vəfasız yarlı qızcığazlar kimi çox da döyükmə. Ötər aylar, dönər illər, məni də unudarsan. Keçmişim qəm, hal-hazırım qəm, gələcəyim naməlum... 15 həziran. Dünən sabah ertə gəlib A şəhərinə çıxdım. Hava qayət isti idi. Belə isti mən ömrümdə görməmişdim. Lakin istidən artıq dilgir olmuram. Çünki şəhərimiz məni o qədər təngə gətirmişdi ki, oradan çıxıb cəhənnəmə də getməyimə razı idim. Bura ki, cəhənnəm deyil. Bizim şəhərdən çox-çox gözəldir, O köhnəlik, qədim adət və qaydalar gərək burada olmasın. Camaatı da sözbaz, əxlaqı pozğuna bənzəmir – çoxu əcnəbidir. Düşdüyüm evdən də razıyam. Xalam və əri pis adama bənzəmirlər. Mənim yolumda çox zəhmət çəkirlər. Dünən axşam mənim görü- Söhbət Aşqabaddan gedir. şümə çoxluca kişi gəlmişdi. Bunların birini də tanımıram. Şəhərimizdən çoxdan çıxıblar. Xalamın əri qonaqların yanında mənimlə aşkarca fəxr eləyirdi. Mən danışdıqca hamı gözlərini tabe bir halda mənim ağzıma dikirdi. Biçarələr elə yazıqdırlar, elə elmsizdirlər. Başları xırda ticarətə qarışıb, bilmərrə dünyadan xəbərləri yoxdur. Xalamın əri bir balaca arifləşib, özünün savadı yoxdursa da, “Molla Nəsrəddin” oxunanda guş və huşla qulaq verir. Tez-tez gülür və deyir: “Köpək oğlu Molla Nəsrəddin qərib bijdir”. Xalam avam bir arvaddır. Şapkama yapışdıqdan sonra əlini suya çəkir, deyir onu urus tikib. Dünən axşam qonaqlar gedəndən sonra məni o ki, var üzərlik tüstüsünə verdi, qorxur ki, qonaqların gözü mənə dəysin. Xülasə, bura da bizim ev kimi avamlıq və nadanlıqdır. Lakin incimirəm: xalam və əri çox sadəlövh və səmimi adamdırlar. Məni də çox istəyirlər. 16 həziran. Bu gün şənbə olduğu üçün bazarda şenlik çox idi. Məni bir xeyli müsəlmanla tanış elədilər. Görünür, şəhərdə iki müsəlman studenti və bir neçə gimnaziya şagirdi var. Bir xeyli də xırda məmur var. Bunlar buranın arifləridirlər. Qəribə burasıdır ki, cəmi şəhərdə məndən başqa realni şagirdi yoxdur. Amma qəribə qızlar da var. Buranın məktəb qızları göy zolaqlı paltarda və ağ döşlükdə gəzirlər. Bu libas qızlara çox yaraşır. Bunları gördükdə adamın ruhu həllənir. 18 həziran. Bu axşam yeznəmin mağazasının qabağında oturub bazardan ötüb keçənə tamaşa edirdim. Qarşımdan iki qız keçdi. İkisi də məktəb qızı idi. Biri mənə bir elə halda nəzər elədi ki, elə bil gözlərini məndən çəkməyə bir o qədər də qadir ola bilmirdi. Onun nəfis bənizi və qara gözləri zehnimi istila elədi. Belə ki, fövrən əsir oldum. Özüm də heyrət içindəyəm... 19 həziran. Yavaş-yavaş xalama bələd oluram. Görünür, şəhərdə buna tabe arvadlar çox imiş. Xalam da Seyid Cahanın müridlərindəndir. Seyid Cahan bir arvaddır ki, bu şəhərdə əvvəl ocaq (pir) çıxardıb. Ona görə onun xatiri camaat arasında mənzurdur. Məclisə daxil olduqda hamı dik ayağa qalxır. Seyid Cahanın sağ tərəfində xalam oturar və onun nə əmri olsa camaata bildirər. Xeyir və ya şər xörəyi verildikdə Seyid Cahan əli ilə boşqaba plov qoyar və xalam onu məclisdə gəzdirib hərəyə bir neçə düyü dadızar Seyid Cahanın əli dəyən plovdan arvadlar savab qazanarlar. Aşqabadda yaşayan azərbaycanlılara işarədir. Xalamın əri Kərbəlayı Əsəd ixtiyarsız bir kişidir: xalam nə deyərsə, o da onu qəbul edər. Bunlar bir-biri ilə çox mehriban dolanarlar. Heç aralarında sözləri çəp gəlməz. Özləri də dünyadan çox razıdırlar. Ancaq bircə dərdləri var – övladları yoxdur. Çox dualar yazılıb, çox nəzirlər olunub – nəticəsi görünmür. Bu yolda xalam çox çalışır. Kərbəlayı Əsədin bişmişinə ədviyyələr qarışdırır, ona kasni və bədmüşk arağı içdirir. Özü də çilləsini kəsdirir, axar su üstünə çıxır, qurd dərisinin altından keçir, duaçı və falçıya gedir. Zənn edirəm ki, bunların övladı olsa, onu istədiklərindən boğub öldürərlər. Çünki uşağa olan məhəbbətləri ölçüyə gələn deyil. 20 həziran. Dünən axşam yenə həmən qaragöz qıza rast gəldim. Lətif qızdır. Məni görcək başını çiyninə qoyub həsrətlə baxdı. Nəzərimiz bir-biri ilə görüşüb elə bil dərdləşməyə başladı. Mən qaldım kənarda, nəzərimsə onun nəzəri ilə dostlaşıb getdilər. Nazikbədən qız əli ilə şlyapasını tutub uzaqlaşırdı və hər addımı zehnimdə izlər buraxırdı. * * * Bekarçılıqdır. Gündüzlər istidən evdən çölə çıxmaq mümkün deyil. Pəncərələrin dal qapılarını bağlayıb yazıram. Hər nə ağlıma gəlir onu kağızda qeyd eləyirəm. Istəyirəm məhəlli müsəlmanlara dair bir məqalə yazam, göndərəm qəzetə. Bir də deyirəm qoy qalsın. Buranın müsəlmanları ya Mərakeş müsəlmanları, fərq yoxdur. Hamısının azarı avamlıqdır. Məktəb lazımdır. Məktəb olmasa, fikirlər pasdan xilas ola bilməz. Bu nəsil gərək özbaşına qoyulsun, gələn nəslə tərbiyə və təlim verilməlidir. O böyüdükcə köhnə nəsil ölüb gedəcək və özü ilə də eyiblərini aparacaq. Ona görə bu nəsli tərpədib acıqlandırmamalı. Elə eləməli ki, övladlarını üsullu milli məktəbə göndərsinlər. Vəssalam. Yoxsa yüz min vəz eləyəsən, Kərbəlayı Əsəd dönüb avropalı olmayacaq. Köhnə adamları təzələmək həm o adamlara ziyandır, həm millətə. Burada bir şəxs var. Əvvəllər məşhur molla olub. 1905-ci il inqilabı bunu “ayıldıb”, indi şürbi olub düşür çöllərə. Bunun rəyincə avropalılıq və mədəniyyət ancaq şərab içib küçələrdə tərbiyəsiz əməl- İçkiçi, Şərab düşgünü. lər törətməkdə imiş. Bu misaldan bircə mətləb hasil olur: köhnələrin təzələnməsi faydasız olur. Quru ağacı düzəltməyin çarəsi ağacı sındırmaqdadır. Yaxşısı budur ki, yaş çubuqlardan başlayaq. Çubuqlar da balalardır. Bunlara tərbiyə verməli ki, düz bitsinlər. Yaşasın çocuqlar. 21 həziran. Yenə ürəyimə qəm dolmuş. Bilmirəm məndən nə istəyir. Xəstə kimiyəm. Lakin bu qəm qeyri qəmlərə bənzəmir. Ürək sancısından həzzlər görürəm. Bilmirəm mənə nə olub. Ətraf məzmununu məndən ötəri dəyişib. Səbəbsiz ağlamaq istəyirəm. Güman ki, eşqə giriftar oluram, sevmək istəyirəm. Ürəyim tez-tez əsir. Qaragöz qız da varlığıma gün-gündən malik olur. Onu görmək istəyirəm. Onun xoş baxışı etina ilə doludur. Mənə qalib gələn də etinadır. Qara gözlər! Birisi qəsdi-can eləyir. Bəs o birisi nə eləyir? Ona da mən qurban olaram... * * * Bu axşam yenə “Qaragöz”ə rast gəldim. Qızardı. Gülümsündü. Biləsən üzündə nə qədər məlahət var. Qəsdən qarşımda durdu və başladı bir uşaqla söhbət eləməyə. Getdi, yenidən geri qayıtdı və yenə mənə baxa-baxa ötdü. Mən də onu təbəssümlə qarşıladım və yanıqlı gözlərimlə müşayiət elədim. Başdan ayağa nəzər yetirdim. Xurmayı saçına abı lent bağlamışdı. Sarı, zərif çəkmələri vardı. Ürəyim sızıldayır. Tanış olmaq istəyirəm. İstəyirəm onunla danışıb gəzəm. Nə böyük xoşbəxtlik! Mümkünmü? 22 həziran. Student Nəsib vədə vermişdi ki, məni şəhərin siyasi adamları ilə tanış eləsin. Özü ictimaiyyun, inqilabiyyun firqəsinə mənsub olduğu üçün məni öz adamları ilə tanış elədi. Həftədə iki dəfə bizə məruzə oxuyacaqlar. Bu çox yaxşı oldu. Bilərəm görək dünyada nə var. Doğrusu, siyasi işlərlə az aşnayam. Rusiya inqilabı gərək mənə də bir şey versin. Əlbəttə, qovğaya girdiyimi xalam və Kərbəlayı Əsəd bilməyəcəklər. Çünki bilsələr, təşvişə düşərlər. Müsəlmanlar siyasi işlərdən çox qorxurlar. Studentlərin həbsə alınmağını eşitdikdə deyirlər: – Heyf, zəhmət çəkib oxumuşdu, əməyi zaye oldu. Kişilərin övladlarına əvvəlinci nəsihəti budur: İctimaiyyətçilər Inqilabçılar – Başını aşağı sal, öz işində ol. Padşahla padşahlıq eləmək olmaz. Xülasə, qara lələşin ictimaiyyun firqəsindəndir. Amma bilsələr qorodovoylar tutub apararlar həbsxanaya. Qəribə şeylər Nəsib nağıl eləyir. Moskva inqilabında bunu az qalıblar öldürsünlər. Libasını dəyişib qaçıb. Neçə təzkirəsi və paltarı var. Bu gün onu tutmaq fikrinə düşsələr, qiyafəsinə təğyir verib şəhərdən gedər. Nəsibin başına min oyun gəlib. Bir ay bundan əqdəm bir nitqinin üstə on beş gün qazamatda yatdı. Çıxan kimi yenə işindən əl çəkmədi. Dədəsi bir fəqir adamdır. Müsəlmanlar onu sonsuz bilirlər. Deyirlər: – Nəsibdən ona haray olmayacaq. ...Bu axşam xurmayı saçları görməsəm divanə olasıyam. Yəhudi şagirdlərindən təvəqqe edəcəyəm məni tanış eləsinlər. Ümidim də budur ki, tanış olam. Deməli, bu axşam məni böyük bəxtəvərlik gözləyir. Məhbubəmin zərif əlini əlimə aldıqda, bilmirəm ruhum hansı göylərə yüksələcək. Bəli, cənnət quşları kimi uçacağam. 23 həziran. Dünən axşam şəhərə çıxdım. Tanışlıq dursun kənarda, məhbubəmi görə də bilmədim. “Sən saydığını qoy dursun, Murad, gör usta Kərim nə sayır” – demişlər. Deməli, cənnət quşu ola bilmədim. Qanadlarım mafraq imiş. * * * Bu gün heç yerə çıxmayacağam. Başıma gün vurub, zökəm olmuşam. Şəhərdə isti 58 dərəcədir. İtlər həyətdə torpağı eşib özlərinə dam qayırıb gizləniblər. Toyuqlar qanadları düşük bir halda ləhləyirlər. Dünən qəribə bir iş gördüm: bir pişik mis məcməidə uzanıb qaşıqları qucağına basmışdı. Bu istidən sonra xalq gecələr bağlar guşəsinə çəkilir. Cavanlar üçün həftədə iki axşam klubda seyr olur. Musiqi və rəqs hamını oraya toplayır. Gözəl keçir, heyf ki, mən rəqs eləmirəm. Hamı da təəccüb eləyir. Daha demirlər ki, bizim evlərdə dərd və xiffətdən başqa ayrı şey yoxdur. Hər kəs çox xiffət çəkir, ona “namuslu” deyirlər. Cavan üçün musiqi, nəğmə, şad bir məclis qadağandır. Rəqs eləmək, ələlxüsus Avropa rəqsi, bəlkə də günahdır. Biz gün görməmişik, zindan çəkmişik. Məhəllədə bir adam ölsə gərək hamı ona yas saxlaya, yəni qırx gün oxumaya, çalmaya, kef və ləzzətdən əl çəkə. Bu gün biri ölür, sabah biri, o biri gün bir ayrısı. Sən də təziyə saxlayırsan. Bir ölünün qırxı çıxmamış, bir ayrısı ölür, onun qırxı çıxmamış bir qeyrisi tələf olur. Xülasə ömürdən bilmərrə vaz keçirik (osmanlı demişkən). Əcnəbi balaları da məndən təəccüblə soruşurlar ki, niyə rəqs eləmirsən? Deyirəm: “xədiməm”, deyirlər “neçə oğlun var?”. Dirilər elə bilirlər ki, ölülər halva yeyir. Deyirəm: “Canım, gözüm əcnəbilər. Vallah biz halva yemirik. Ölülər halva yeməzlər”. Biz ölüyük. Bizim qayəmiz axirətdir. Axı, bizə bu “fani” dünya nə lazım. Qoy “murdar” əcnəbilər bu dünyanın ləzzətini aparsınlar. Canım biz ölüyük. Biz halva yemirik. Vəssalam. 24 həziran. Nə xoşdur məhbubəyə rast gəlmək. Nəfəsin tutulur. Qan dalğaları yanaqlarına çırpır. Gözəl yavıqlaşır. Sən özünü itirirsən. Gözlərin dünyada məhbubədən başqa heç kəsi görmək istəmir. Varlığına hüsn yağır. Ənbərin saçların rayihəsi aləmi bürüyür. Cənnət qapısı açılır. Huri simalın sənə qəmzələr bəxş edir. Qönçə dodaqlarında təbəssümlər oynayır. Pəh! Pəh! Gözəlin səxavətinin ucubucağı yox. Lütfünün bərabəri yox. Məst olma gözlərim – fürsəti fövt eləyirsən. Gözəl başını çiyninə qoyaraq qüruba doğru gedən günəş kimi “əlvida” demək istəyir. Sərxoşluq aludəsi olma gözüm – səxavət qapıları bağlanır. Qoyma günəş batır, zülmət ətrafı bürüyür. Heyhat! Məhbubə keçdi. Şadlıq rayihəsi də özü ilə getdi. Hüsn aləmi itdi. Həqiqət acısı damağa çökdü. Ətraf mənhus simasını ehya etdi. Eyiblər, qabalıqlar ortaya çıxdı. Cəmi vücudum yasa büründü. Bircə laqeyd hafizəm fəxrlə məhbubəmin təsvirini saxlamağa çalışır. Elə bil qəmli gözlərimə demək istəyir: “Qəm yemə, kəmfürsət gözlər, bağçamdakı gözələ tamaşa etməyə muxtarsan”. 25 həziran. Dünən evdən çölə çıxmadım. Bu gün də deyəsən çıxmayacağam. Bazar ertəsi bazarda şenlik olmur. Çox darıxıram. Gündüzlər evdə, gecələr də getməyə yer yox. Qiraətə də meylim kəsilib. Gətirdiyim “İctimaiyyət və arvad”, “İqtisadi söhbətlər” oxunmamış durur. Nəqahətim var. Bu istidə yorğana bürünüb otururam. Qoy ömürdən yarıyanlar ölümdən qorxsunlar. Mən ki, dirilikdən bir fayda görmədim. Vəfasız ömür. Birinə xoş, birinə acı ömür. Mənə qara boyanmış ömür. Doğrusu səndən narazıyam. Çünki nəzərini məndən çəkmisən. Bir cansağlığı nədir ki, onu da məndən əsirgəyirsən. Mənə mal-dövlət vermədin, yaxşı tərbiyə vermədin, şöhrətli milli ad vermədin, şəxsi səadət vermədin... 27 həziran. Gördüm. Ziyarətinə nail oldum. Kitabxanaya gedirdi. Arxasınca getdim. Bütün yollar onun lətif qoxusu ilə dolmuşdu. Damağım cənnəti duydu. Gözəl, kitab qiraəti ilə məşğuldur. Görəsən nə oxuyur? Romanmı? Qəhrəmanlara rast gəldikdə məni yad edirmi? Görəsən eşq qəmini duyurmu? Mənim çəkdiklərimin mində birini hiss edirmi?.. 28 həziran. Allah bizi müsəlmanların qaranlığından hifz eləsin. Amin! Müsəlman şagirdlərinin içində Qulam adlı birisi var. Bu bədbəxt Qulam 18 yaşında hələ üçüncü sinifdədir. Oxumaqdan soyuyub. Məktəbdən çıxmaq istəyir. Dədəsi də buna çox razıdır. Mən buraya gələni Qulam mənimlə dost olub və təhsilində davam etməyə qərar verib. Yenidən dəri papağını çıxardıb şapka qoyub. Dədəsi rus şapkasından dilgir olub deyir: – Murdar şapkaları başına qoyunca gəl gül kimi dükanımızda otur, alış-veriş elə. Və “gül kimi dükan”da baqqal dükanıdır. Məndən təvəqqeeləyir ki, Qulamın başından oxumaq sevdasını çıxardım. Mən də işə qarışmıram... Dünən axşam qapılarını döyürəm, dədəsi çıxır. Salam verirəm və deyirəm: – Qulam evdədirmi? – Evdədir. Nə eləyirsən başına dönüm? – deyir. – Kluba aparmaq istəyirəm. “Klub” sözünü eşitcək, kişi dəli olur, tüstüsü vurur başına, özünü güclə sakit edib deyir: – Ağrın alım, bu sözü səndən heç gözləmirdim. Klub mənim oğlumun yeri deyil. Məsələyə meydan verməyib keçirəm. Bu gün yeznəmi bazarda tutub, gilayə torbasını açıb. Klubu biədəb bir yer sanırmışlar. Yazıq müsəlmanlar. Fahişəxanalara övladlarını göndərməyə heç də maneə göstərmirlər. Çocuqların pak bir şadlıq mənbəyi klubdan qorxurlar. Yazıq bizə! 29 həziran. Qəribə işlər. Özüm də məəttəl qalmışam. Ciddi adamlara yaraşmayan hərəkət. Dünən bazarda “Qaragözləri” gördüm. Mənə adi təbəssümünü bağışladı. Məst olaraq arxasınca getdim. Yolda qarşıma Qulam çıxdı. Birinci dəfə olaraq duydum ki, Qulam da “Qaragözlərin” düşkünüdür. Qulamdan təvəqqe elədim ki, getsin bazara. Fikrim bu idi ki, tanış olam və sonra Qulamı da tanış edəm. Qulam getdi. Mən “Cənnət guşəsinə” çəkildim. “Qaragözlər” bacılığı ilə küçədə gəzirdi. Yavaş-yavaş getdim. Bunlar da mənim dalımca. Aralarında pıçı-pıçı danışıb gülürdülər. Mən duruxdum. Bunlar qarşımdan keçdilər. Ürəyim şiddətlə döyünməyə başladı. Qulaqlarıma gurultu dolurdu. Keçdikdən sonra dönüb dala baxdılar. Yenə gülümsündülər. Guya mənimlə oynamaq istəyirdilər. Ay ağacların arasından çıxmışdı, bədirlənmişdi. Elə bil mənim halıma gülürdü. Birdən utandım. Ciddi sima ilə geri döndüm. Küçənin döngəsində marağım ciddiyyətimə qələbə çaldı. Dönüb geri baxdım. Könlüm “Qaragözləri” yenidən şiddətlə istəməyə başladı. 30 həziran. Kefsizləmişəm. Xalam yanımdan bir dəqiqə uzaqlaşmır. 2 təmuz. Mən bazara çıxmayandan bəri çox işlər olub. Axşamçağı küçə ilə keçirdim. Gördüm uşaq-muşaqlar oturub “Qaragözlərin” evinin qabağında. Qulamı da burada gördüm. (Deməli Qulam “Qaragözlərilən” tanış olub). Xülasə təzim edib keçdim. Birdən Qulam məni çağırdı. Döndüm. Mən döndükdə “Qaragözlər” bacılığı ilə durub qaçdılar evlərinə. Qulam da məni çağıra-çağıra bir də başladı öyüd verməyə. Guya qızları mən qaçırmışam. Çünki tanış deyilmişəm. Pərt oldum. Acığım tutdu. Nə qədər fikirləşdim, özümdə heç bir təqsir görmədim. Bütün qəbahət Qulamda oldu. O məni çağırma- “Qaragözlərin” iqamətgahı mənim üçün cənnət güşəsidir (müəllif) 2 Iyul saydı, mən də geri dönməzdim. Geri döndüyüm üçün də qızlar pərakəndə düşdülər. Bu nə vəhşilik? Mən xortdan deyiləm ki, məndən qızlar qorxurlar?.. 3 təmuz. Dünəndən bəri çox dəyişilmişəm. “Qaragözlərin” məndən qorxub qaçması közlərimi açdı. Indiyə kimi onun yolunda çəkdiyim qüssələrimə heyfsilənirəm. Heyf ürəyimin sızıltılı həyəcanı, heyf közlərimin bakir yaşları. Bütün çəkdiklərim vəhşi bir qızcığaz üçün imiş. Ayıldım. Ağlımın ürək hiyləsinə uğradığını duydum. İxtiyar və iqtidarım da ayıldı. Varlığımın dərin guşələrindən səslər eşidilir; ağıl qüvvəsini toplasın, ürək sərhəddinə çəkilsin. Bütün şiddətimlə əmr edirəm: nəfsim ağlıma tabe olmalıdır, gözlərim çocuq hərəkətindən əl çəkməlidir. Ayaqlarım arsız bir surətdə südəmər uşaqların dalınca yüyürməməlidir, Bədənimin cəmi əzası nizamını itirməyərək öz vəzifəsi ifasına məşğul olmalıdır. Bunlar olmalı. 4 təmuz. Məsələ aydınlaşdı. O gündən rahatlıq görməyən Murad bu gün sakit oldu. Bir şagirdlə danışdım. Görünür ogünkü hərəkətimdə heç bir qəbahət yoxmuş. Ancaq mən “tatar” olduğumdan bir azca şübhəli imişəm. Sözün açığı: ləkəli imişəm. Mən belə güman etdim ki, mənə də adi nəzərlə baxılır. Çünki mən edadi şagirdiyəm. Ağlım və biliyim də qeyrilərindən əskik deyil. Amma yox – mən “tatar” imişəm. Mənim üçün din və millət bir o qədər də mənalı şeylərdən deyil. Millət və məzhəb ayrılığı olmayaraq bəşəri sevirəm. Insanlar arasında məncə fərq yoxdur. Ancaq qüsurum bu imiş ki, “tataram”. Cavanam. Bakir paklığıma xələl yetişməyib. Bütün qız və arvadları bacı deyə, tanıyıram. Günahım yalnız budur ki, “tataram”. 5 təmuz. Dünən dərd məni götürmüşdü. Axşam baş götürüb şəhərdən çıxdım. Hava sərin idi. Dərin sükut içində yaşayan qum təpələrinə qəmli addımlar ata-ata çıxdım. Məsud həyatdan uzaq, təbiətin laqeyd ağuşuna yıxıldım. Bütün varlıqdan bezmişdim. Ay buludlar arxasında gizlənmişdi. Ayın bu gizlənişində guya dərin bir sirr var idi. Guya ağca buludlar onun eşqinə mübtəla olub ətrafına toplanmışdılar. Hərdən ay buludlardan xilas olub bədirlənirdi və narın şüasını sədəf danələri tək kainata səpirdi. Bu bədirlənməkdə o qədər hüsn və məlahət var idi ki, buludlar məst olurdular və ayı yenidən bağırlarına basıb kökslərində gizləyirdilər. Buludların səadətə nail olmaqlarına həsəd aparırdım. Çünki mən də onlar kimi eşq sevdasına mübtəla olduqda məhbubəmə həsrət qalmışdım və çoxdan bəri tanışlığa müvəffəq olmayıb hicranına odlanırdım. Buludların xoşbəxt dəqiqələrinə tamaşa edib həsəd aparırdım. Bunlar azad idilər. Din və milliyyətə tabe deyildilər. Bunlar üçün təzyiq və məhdudiyyət yox idi. Mən də bulud olmaq xəyalında idim. Ağca buludlar, – deyirdim – sizing ruh və qəlbiniz də ağ, gününüz ağ, könlünüz şad, meydanınız geniş. Ağca buludlar – qəmsiz dərvişlər. Mən də sizin kimi məsud olmalı idim. 6 təmuz. Kluba getmişdim. Bir uşaq vasitəsilə “Qaragözlərlə” (adı Asiya imiş) danışdım. Görünür, heç kəs mənim hərəkətimdən təhqir olunmayıb. Ancaq... mən “tatar” olduğum üçün bir az şübhəliyəm... 7 təmuz. Asiyanı gördüm. Həmişəki deyil. Dodaqlarındakı təbəssüm yox olub. Gözləri də qəmli görünür. Yəqin bilir ki, mən ondan rəncidə-xatir olmuşam. Yenə eşq odu məndə şiddətlənir. Çünki Asiyanın gözləri qəmləndikcə mən də qəmə boğuluram. Yox, onun könlü sıxılınca mənim həyatım məhv olmalıdır. 8 təmuz. Asiya evlərinin qabağında oturmuşdu. Qəsdən yan küçəyə döndüm ki, onunla qarşı-qarşıya çıxmayım. Rəsmi tanışlıq axtarıram ki, mübahisəyə kirişim. Milli qüsurlara görə millətdən nifrətlənməməlidir. Bu barədə ciddi olaraq danışmalıdır. 10 təmuz. Bazarda yoldaşların arasında birdən gəzmək fikri meydana çıxdı. Şad bir halda, toplandıq. Getdik tədarük görməyə. Ət aldıqda tacir Səfər gördü. Marağı, görünür, həyəcana gəldi. Arxamızca düşdü. Səfər istəyirdi bizim orucluqda gəzməyə getməyimizi isbata yetirsin. Dükanbədükan gəzdikcə bu da bizimlə gəzirdi. Axırda tab edə bilməyib soruşdu. Biz də cavab vermədik. Sabah tezdən küçəni kəsdirmişdi; işi dürüst bilmək istəyib. Şeyləri faytona yığdıq və qarmon çala-çala yola düşdük. Yandı töküldü. Tacir Səfərin azarı var. Şəhərdə olan hadisələrdən onun gərək xəbəri olsun. Gecələr pəncərələr dalında pusar, gündüzlər də küçələrdə pələsək vurar. Qəribə insanlar var. * * * Gəzmək çox gözəl keçdi. Amma axşam şəhərə qayıtdıqda bir az qorxduq. Bazarda güllələr atıldı. Dedilər dava düşdü. Xalq bir-birinə dəydi. Görünür, dükan basıb pul aparırlarmış. 11 təmuz. Gün gündən keçir. Tanışlıq yoxdur. Əvvəlcə asan görünən getdikcə müşkülə düşür... Bu saat Asiya yanımda olsa idi, diz üstə düşərdim. Tövbəsi qəbul olmuş asi kimi şadlıq yaşları tökərdim. Başımı söykərdim onun pak qoluna, Kəbə ziyarətini duyardım. Amma o burada yoxdur, ürəyim xəzan görmüş bülbül kimi nalə və fəryad eləyir... 13 təmuz. Qulamdan çoxdan bəri təvəqqəm budur ki, məni Asiya ilə tanış eləsin. Dünən Asiyaya ricamı söylədi. Asiya deyib: – Niyə məni onunla indiyə kimi tanış eləməmisiniz? Görünür, onun da meyli var imiş. Ancaq dünən mümkün olmadı, çünki Asiyanı anası iş dalınca göndərirdi, başı qarışıq idi. Son sözləri bu olub: – Tələsməsin. Asiya bu sözləri söylədikdə yüz addımlıq bir məsafədə durmuşdum. Dodaqlarındakı gözəl təbəssüm məni məst etmişdi. Tanış olmaq qəsdi ilə ürək çırpıntısına uğradım. Qarşımdan xəzan yeli əsdi. Dedi: – Tələsməsin. İstədim xəstə ürəyimi açam, məni öldürən dərdləri ona bildirəm. Mənə təskinlik verdi: – Tələsməsin. Gecə-gündüz ah-zarım göylərə çıxır. Göz yaşlarımda boğulub ölürəm. Hövsələm darıxır, səbrim kəsilir. Birdən ümid bəxş edirlər: – Tələsməsin. 14 təmuz. Sabah çayı mənə ləzzət vermir. Ətrafımdakılardan zəhləm qaçır. Fikrim, xəyalım, dərdim, zikrim: – Tələsməsin. Həzin yel əsir. Sarı yarpaqlar hərlənir, fırlanır. Ürək təbiətə qarşı sıçrayır, nazlanır, əzilir, ağlayır. Lakin soyuq qanla deyirlər: – Tələsməsin. Üsyan edən, itaət etməyən. 15 təmuz. Heç güman etmirdim. Çünki yazıq Mariya (qonşumuz məmurun qızı) həmişə bizə gələr, xalamla bir yerdə iş görərlər. Düşəndə mənimlə də söhbət elər. Axır vaxtlar Mariyanı çox qəmli görürdüm. Mənə həsrətlə baxırdı. Üzünə baxdıqda qızarırdı. Bu gün masamın üstdə bir məktub görürəm – Mariya mənə yazır. Zavallı qız məni sevirmiş. Mariyanın məktubu məndə bir təəssüf oyatdı. Qıza yazığım gəlir. Doğrusu Mariya gözümdən düşdü. Səbəb nədirsə bu məktubdan əvvəl Mariyanın xatirini çox istəyirdim. Mariya dursun kənarda, Asiya yadıma düşdükdə cəm vücudum donur, ürəyim döyünməsini susdurur. Ah, Asiya. Biləsən nə qədər səni istəyirəm. Yeməyib, içməyib, illərcə gözlərinə baxıb doyardım... 16 təmuz. Günəş doğdu. Günəş doğdu, xəstə ürəyim işıqlandı. Asiya ilə tanış oldum. Bu axşam Asiyanın əlciyəzini sıxdım. Nə böyük səadət! Nə böyük gün. Gündüz bir az erkən bazara çıxdım. Asiyanı küçədə gördüm. Gülümsündü. O qədər dadlı idi. Sonra Qulamı tapdım, dedim: – Nə təhər olsa bu gün gərək məni tanış eləyəsən. Razı oldu. Getdik. Asiya bacılığı ilə qənnadı dükanında idi. Qapıda gözlədik, çıxdıqda düşdük dalınca. Bir az getmişdik, məni Qulam təqdim etdi. Əlini sıxdım. Yuxumu? Həqiqətmi? Tanış olduğuma inana bilmirəm. Amma tanış oldum. Bütün kainat bunu bilsin ki, məndən xoşbəxt adam yoxdur. Bəli, mən xoşbəxtəm. Çünki məşuqəmin əlinin hərarəti hələ əlimdən getməyib. * * * Gözəl axşam idi. Mülayim hava ruhu oxşayırdı. Mağazalar adət xaricində olaraq qapanmamışdı. Elektrik işığı guya kəsb-qüvvət etmişdi. Qızlar yerişlərində belə yüngül idilər ki, elə bir pərvanələr çiçəkdən-çiçəyə sıçrayırdılar. Hamısı qanadlı idi. Mələk idi. Kainatda yeni əlamətlər var – mənə ilham olunmuşdu. Ürəyimdə qüdsiyyət duyğuları doğmuşdu. – Oyan, – dedilər. Gözlərimi açdım. Göydən rəhmətlər nüzul edirdi. Tale alnıma təmas etdi. Əlini öpdüm. Nədənsə gözlərimin yaşlarını saxlaya bilmədim. – Ağla! – dedilər. Susdum. Məndə fövqəladə bir şadlıq vücuda gəldi. Yaşlarımı topladım. İnci danələri tək ipə düzdüm. “Yadigar” deyə gizlədim. Bir də səadət yeli əsdi. Qanadlandım. Uçdum. Ruhum məhzuz, ürəyim pürümid. Ulduzlar təzim edirdilər. Yadigarımı təqdim etdim. Qönçə dodaqları parıldadı. “Asiya” deyə tale qara həyatıma ağca bir səhifə əlavə etdi. 17 təmuz. İlk sabah. Tanışlığın ilk sabahı nə bəxş edir? Yüngül külək, sərin hava. Ruhumda yüngüllük, ürəyimdə şadlıq, dodaqlarımda gülüş... Bunlar da tanışlıq töhfələri. Tanışlıq bütün vücudumu, bütün mənəviyyatımı sarsıdıb, mənim üçün yeni həyat başlanır. Dünən köhnə Murad öldü, bu gün yeni Murad doğuldu, keçmişlərə “əlvida” dedi. Yaşasın eşq günəşinin ilk şüası – tanışlıq. Xeyirli olsun yeni sabahımız. Var olsun Asiya – gözüm, canım, bəxtim. 18 təmuz. Dünən klubda idim. Asiya da orada idi. Anasının yanına qısılmışdı. Çox gözlədim, müvəffəq oldum. Gəzmək istədikdə yanaşdım. Əvvəllər danışmağa söz tapmadıq. O da döyükdü. – Gedirəm anamın yanına, – deyirdi. Söz açıldı. Şəhərdə darıxdığımı söyləyib, ədəbiyyata keçdim. Nə oxuduğunu sordum. Dedi rus ədəbiyyatı ilə məşğuldur. Asiya rus ədəbiyyatını tərtib olunmuş bir nizamnaməyə tabe halda mütaliə edirmiş... Lermontovu çox sevdiyindən artıq xoşuma getdi. Xülasə, bir neçə dəqiqə gözəl keçirdikdə böyürdən Qulam çıxdı, başında da papaq. – Təəssüf ki, ayrılmaq icab edir, – dedi. Getdi. Bütün şadlığımı da özü ilə apardı. Yağırdı, tökülürdü, nazil olurdu Həzzli, həzzlə dolu, razı, xöşbəxt, şən Ümidlə dolu, ümidli. * * * Asiyanı sevirəmmi? Onu sevirəmmi? – Bu sual dünəndən bəri məni məşğul eləyir. Asiya ilə danışdıqda məndə fövqəladə bir şey görünmədi. Adi bir qızla açıq-açığına söhbət elədik. Asiya mənə yoldaş kimi görünür. 19 təmuz. Asiyanı bir dəqiqəliyə çağırdıq, evlərinin qabağında on dəqiqə danışdıq. Onun sözü, söhbəti, hərəkəti məni kefləndirirdi. Dodaqları sabahın hələ günəş görməmiş qönçələrinə bənzəyir. Şümal boyu, ağ libası bakir zanbaqları andırır. Asiya bizi böyük bacısı ilə tanış etdi. Təskinlikmi? Özü tez-tez çıxmalı ki, mən də dərdlərimi ona söyləyim. Ürəyimdə yaralarım çoxdur. Asiyanı istəyirəm. Bəli sevirəm. 20 təmuz. Mariya məni gözləri ilə hər yerdə təqib eləyir. Yazıq qız, Xalama da dərdlərini söyləyib. Xalam gülə-gülə deyir: – Ay zalım, heç olmazsa, onu bir danışdır. Xalama cavab verirəm. Haqqım varmı Asiyadan başqa qeyri qızlarla danışam? Yoxdur. 21 təmuz. Asiyanı gördükdə həqiqət aləm bilmərrə yadımdan çıxır. Kainatda əzəlki boşluq ehya olunur. Bu boşluqda Asiyanı görürəm. Bütün həyat və varlıq ondan doğulur. Onun gözləri mənim üçün bir günəş: baxdıqda ruhumun dərin guşələrini nurlandırır, onun dodaqlarım rəhmət qapısı – təbəssümlər oynatdıqda ümidlər səpir, şəfqətlər yağdırır. Nə pakdır onun məktəb libası. Açardım döşlüyünü, sərərdim torpağa, üzümü Kəbə deyə çöndərərdim ona, dualarım yüksələrdi, haqq qapısına doğru gedərdi. Bəndələr əfv olunardı. Nə xoşdur onun yerişi – iman verir, paklıq bəxş edir. Asiyanı gördükdə səadəti duyuram – ürəyim, qanım, bütün vücudum çırpınır, şadlanıram, süslənirəm... 22 təmuz. Dünən müsəlman teatrına getmişdik. Sirk də oynadılar. Kafir görməsin. Çox geridəyik. Rollar əzbərlənməmiş, səhnə bərbad. Teatrda papiros tüstüsü, səs... Min biədəblik. Sirkin bir tərəfinə pərdə çəkilib, dalında arvadlar otururlar. Bunlar da uşaqlarını gətiriblər, cığbığdan qulaq tutulur. Uzunbirçək həmşərilər adamı az qalırlar gözləri ilə yesinlər. Biçarə vəhşilər. Teatrda da davasız iş keçmədi. Yarımçıq getdim. Yazıq bizə! 23 təmuz. Asiya qapıda durmuşdu. Qulamla yanına getdik. Söhbətimiz dadlı olmadı. Qulam dadını qaçırtdı. Qız mənə sual verdiyi yerdə görürsən böyürdən çıxdı: axmaq bir cavab verdi. Gədə zəhləmi lap tökdü. Qoymur bir parça danışaq. Asiya soruşur ki, roman oxumaq sevirəmmi? Bu suala gözəl cavab verərdim və arada da ürəyimin dərdlərindən də söylərdim. Qoymadı. Hərgah biz tək olsaydıq çox danışardıq. Qulamdan təvəqqe elədim sabah mane olmasın. Fikrim budur Asiya ilə məxsusi dərdləşim. Ona deməli o qədər sözüm var: gizligizli, dərdli-dərdli... 24 təmuz. “Asiya uşaqdır. Yekə kişi uşağın dalınca düşüb” deyirlər. Mənə işarə edirlər. Bu da məni əzir, sıxır. Asiyanın uşaqlığını inkar etmirəm. 14 yaşında bir qızdır. Amma həqiqi məhəbbəti anlayan olsa, məni müttəhim eləməzlər. Asiyaya qarşı ən dərin, hisslər bəsləyirəm. O mənim üçün müqəddəsdir. Məgər müqəddəsatı sevmək günahdır? Həqiqi istəyi gözəllik doğurar. Gözəllik də bir arvada məxsus deyil. Çeşmələr, çiçəklər, uca dağlar, vəhşi meşələr də gözəldirlər. Bunları da çırpıntılı ürəklə sevmək təbiidir. Asiya ilə çiçəklərin, güllərin arasında fərq varmı? Bağçada bir dəfə qırılıb düşmüş bir gül gördüm. Əyildim götürdüm. Gülün gözəlliyi məni sarsıtdı, şaşırdı. Basdım bağrıma, ağladım. Nə üçün göz yaşları tökdüm – anlamadım. Yaşlarımda sirri-ilahi duydum. Tənha gecələr Asiya yuxuma səfalar bəxş edir. Onunla dadlı-dadlı danışıram. Birdən qanım coşur, sıçrayıram. Ayılıram. Qaranlıq gecəni hiss etdikdə mütəəssir oluram. Onda da səbəbsiz ağlayıram. Bu göz yaşlarında da sirri-ilahi yoxmu? 25 təmuz. Kefim yoxdur.Mariyanın eşqi davam etmədədir. Dinmir, danışmır. Məni görcək özünü itirir. Amma halı çox gülüncdür. Əgər mən də Asiya qarşısında belə islanmış toyuğa bənzəyirəmsə, vay halıma. Mariya əvvəllər mənə çox xoş görünürdü. Indi nədənsə məndə acı bir təəssüf oyandırır. Biçarə qıza yazığım gəlir. Məncə arvad o qədər qürurlu olmalı ki, həmişə kişi onun dalınca sürünməlidir. Arvad kişiyə bəyani-eşq etdikdə və ya hissiyyatlarını ifrat büruzə verdikdə bütün hüsnünü qaib edir. Asiyanı sevirəm. Asiya mənə bir çox maneələrdən keçdikdən sonra qarşılıq göstərərsə, səadətli olaram. Amma eşqim möhkəmləşməmiş ürək qələsini təslim edərsə, dilbərliyini itirər. Acizlik Mariyanı mənim gözümdən saldı. 27 təmuz. Bir şey yoxdur. 28 təmuz. Xalam bu gün mənə “göz-nəzər” duası yazdırıb gətirib. Deyir: – Bala, səni şəhərdə çox deyirlər. Buranın arvadlarının gözü çox pisdir. Dilim qurusun, qorxuram. Deməli, xalam qorxur ki, mənə göz dəysin. Onun üçün Seyid Həsən ağaya dua yazdırıb gətirib. Duanı xalam istədi şapkama tiksin. Gülə-gülə dedim: – Xala, urus papağında dua kəsərdən düşər. Dedi: – Qadan gözlərimə türkəsayaqlıqdır, heç zad olmaz. Xalam israr etdi. Acıqlandım. Dedim: – Mən həmşəri deyiləm ki, papağıma dua tikirsən. Xalam xatirimə dəymək istəmədi. Gülməyə saldı. Bu yazıqlar duaya o qədər inanırlar ki, gündə Seyid Həsənin qapısına yol döyürlər. 29 təmuz. Bazarda idim. Asiyanı gördüm. Bacıları ilə mağazaları gəzib gözdən itdilər. Yoldaşlarla çox söhbət etdikdən sonra dedilər gedək bir kef eləyək. Getdik Murtuzagilə. Məxsusi otağı var. Divarlarda osmanlı sultanının rəsmi var. Bir çox şəkilli posta vərəqələri asılıb. Hamısında da islam aləmi təsvir olunur: türk əsgərləri, tarixi binalar, cameələr və qeyriləri. Oturduq. Murtuza yaxşı tar çalır, çaldı, ruhumuz ləzzət apardı. Sonra çarpayının altından bir şüşə Kaxetiya şərabı çıxartdılar. Qapı bağlandı. Başladılar içməyə. Mənə təklif etdilər. İstəmədim. Dedilər: – Fanatik olma, iç. Dedim: – Fanatik deyiləm, amma ömrümdə heç içmədiyim üçün adətimi pozmaq istəmirəm. Qulam mənə baxıb gülümsündü. Bir də qədəhi uzatdı: – Asiyanın sağlığına, – dedi. Gülümsündüm. Qədəhi aldım, “yaşasın” dedim. Dodaqlarıma yapışdıqda şərabın acılığını duydum. Gözlərim yaşardı. Qədəhi yerə qoydum. Daha içmədim. Bilmirəm şərab içənlər bu Poçt acı suda nə tapıblar? Yoldaşlarıma da məəttəl qalıram. Onlar çox ləzzətlə içirdilər. 30 təmuz. Evdən çölə çıxmadım. Axşam Mariya ilə söhbət elədim. Məndən məmnun qaldı. Dəftərimin bəzi yerlərini ona oxudum. Qısqanclığını büruzə vermək istəmirsə də, aşkar olur. Çox sıxılır. 31 təmuz. Boş. 1 ağustos. Ayrılıq günləri yavıqlaşır. Göz yaşları ilə bütün şadlıq aləmini sirab edəcəyəm. İki ay nə tez gəlib keçdi. Gözlərimi sanki açdım-yumdum, iki məsud ayı qaib etdim. İndi yenə xaraba şəhərimizə qayıdacağam. Yenə sözbazlıq, qabalıq, cəhalət, yenə palçıq, darlıq, üfunət. Yenə şərq, yenə islam ölkəsi... Qaçmalı, genişliyə çıxmalı. Yaşamalı və yaşatmalı, həyatın hər dəqiqəsini duymalı, anlamalı. Bizim 23 yaşımız əbəs yerə məhv oldu. Kim bilir neçələri də məhv olacaq. Yazıq bizə – cəfalı günlülərə. 2 ağustos. Asiyanı gördüm. Ötürdüm. Sabah kluba gələcək. Sabah bircə tez açıla idi. Hər dəqiqəm illər çəkir. 3 ağustos. Xoşbəxt axşam (cümə axşamı). Asiya ilə klub bağçasında bir çox dəqiqələr gəzdim. Hər bir mövzuya dair danışdıq. Ədəbiyyat, arvad məsələsi, yəhudi məsələsi – hamısı gəlib gözümüzün qabağından keçdi. Birdən Asiya dedi: – Mən elə güman edirdim ki, siz də əqidə və məsləkinizdə Qulama bənzəyirsiniz. Bu axşam əksi məlum oldu. Asiyanın rəyi məni çox məmnun etdi. Dedim: – Asiya, mən sizə yoldaşa baxan kimi baxıram. Asiya məmnun oldu və təvəqqe elədi ki, bundan sonra onu “yoldaş” deyə adlandırım. Başımız o qədər söhbətə qarışdı ki, Asiya rəqsə getmədi. Xülasə, Asiyanın hər bir şeydə mənimlə məsləkdaş olması məlum oldu. Axırda eşqə dair söz açıldı. Həqiqi məhəbbətin ucalığını və paklığını söylədim. Asiya özünün eşqə mübtəla olduğunu işarə ilə anlatdı. Kimə əcaba? – Bəlli olmadı... – Sizin adınızı, – dedi, – evdə yazacağam. Siz də mənimkini yazın ki, əbədi olaraq bir-birimizi unutmayaq. Hərgah indi ayrılsaq və neçə ildən sonra bir-birimizə rast gəlsək, birinci olaraq sizi tanıyıb yanaşacağam. Avqust Pərvərdigara! Bu sözləri Asiya söylədikdə nə qədər səmimi və gözəl idi. * * * Asiya Qafqazda təvəllüd edib. On dörd yaşında ucaboylu, incə bədənli bir qızdır. Xurmayı saçları, qara gözləri, şux dodaqları onu daha da gözəlləşdirir. Asiya çox kitab oxuyur. Bir az da əsəbidir. Acıqlanır, üzü turşalır. Sonra yenə güləşüzlü və xoş rəftarlı olur. 4 ağustos. Nə xoşdur məşuqə ilə gəzilən dəqiqələr. Musiqi çalınır. Ətrafım bütün yaşıllı. Çiçəklər də qoxuyur, təzim edir. Nə dadlıdır zərif dodaqlardan tökülən sözlər. Təbəssüm parıldayır, oynayır. Ümidlər yağır, həzzlər saçılır. Onda ruh oxşanır, ürək çırpınır. Bütün vücud qanadlanır. 5 ağustos. Asiyanı gördüm. Əlini sıxdım. Mənə soyuq göründü. Anlamıram. Məni sevirmi? Nifrət edirmi? 6 ağustos. Gördüm. Güldü. Təzim etdim. Ötdüm. Təkrar-təkrarbaxdım. Gülümsündü. 7 ağustos. Dünən Asiyanı tanışlarıgilə ötürdüm. Eşqə dair danışdıq. Dedim: – Bu yay mənim üçün ən xoşbəxt yaylardan biridir. Onun üçün bu yaydan çətinliklə ayrılıram. Asiya üzümə bir nəzər atdı. Qızardı. Sonra sözü dəyişdi. 8 ağustos. Kefim yoxdur. Bu gündən sonra bazara çıxmayacağam. 10 ağustos. Qəribsilənmişəm. Anamı, hətta atamı da könlüm istəyir. Məndə valideyn məhəbbəti heç olmayıb. Bu dəfə, deyəsən, ürəyimdəo hiss oyanır. Amma bilirəm, görməklə hisslərim yox olacaq. Yenə fəna hərəkətləri ilə məni dilxor edəcəklər... Əcnəbi anaları övladlarına doğru bir hami və rəhbər ola bilirlər, yoldaş və dost ola bilirlər. Bizimkilər də yumurtadan çıxmış cücələri yenə yumurtaya doldurmaq xahişindədirlər. Atam mollanın qulu, anam ocaq, dua və cadu düşkünü. Belə batil fikirlilərə mən tabe ola bilərəmmi? Bunların nüfuzu üzərimdə sabit qala bilərmi?.. 11 ağustos. Yenə ovqatım təlxdir. “Uşağın” ardınca gəzmək məsələsi yenə xalqı məşğul eləyir. Bəli, Asiya uşaqdır. Qəsdən onunla gəzirəm. Çünki onu sevirəm. Bunu bilməli. Amma anlayan yoxdur. Bazardan Asiya ilə keçdikdə hamı bizə dördgözlə baxır. Elə bil məni söyürlər, məni məzəmmət eləyirlər. Incinirəm, darılıram. Görəsən məni niyə qoymurlar öz ağlıma tabe olum? Bu barədə mübahisəyə kirişməyə hazıram. Asiyanın böyük bacısı da deyəsən mənə rişxənd gözü ilə baxır. Onunla da danışmağa hazıram. * * * Gecədir. Yata bilmirəm. Insafım mənə rahatlıq vermir. Asiyanın mənə tay olmamasına bəzi vaxt özüm də inanıram. Birdən özümə sual verirəm: həqiqi məhəbbət üçün yaş məsələsi mühümdür, mühüm deyil? Mənfi cavab alıb sakit oluram. Min dəfə söylədim ki, Asiya ilə bir dağ çiçəyinin mənim yanımda fərqi yoxdur. Pərvərdigara! Halım nə yamandır. Anlayan yox, dost yox. 12 ağustos. Zavallı Murad, sakit ol, səbir et, vaxt gələr, səni də anlayarlar. Yadındadırmı, Asiyanın ürküb qaçması? Onda da təlaş etdin, darıldın. Axırda işlər aşkara çıxdı. Vəhşi ğəzalə bənzəyən Asiya ürkmədən əl çəkib sənə öyrəndi. İndi səninlə hər yerə gedir və hər bir söhbətinə girişir. Daha sənə qeyri müsəlmanlara baxan nəzərlə baxmır. Vaxtı gələr, ey Murad, “uşaq”la gəzdiyinin də mənası anlaşılar. Səbir et, gözlə. 13 ağustos. Neçə gün var ki, evdən çölə çıxmıram. İnsanlardan gizlənirəm. Bilmirəm məni niyə incidirlər? 15 ağustos. Asiyanı ziyarət etdim. Qəsdən doyunca danışdım. Qoy nə deyirlər, desinlər. Şeylərimi toplayıram. Üç gündən sonra səfərdir. Sevinirəm. Axır vaxt bu şəhər də məni təngə gətirdi. Tənhalıq. Hər yerdə mənim üçün tənhalıq. Ürəyim tənha, çəkdiklərim tənha. Qaçmaq, qaçmaq lazımdır. Məni anlayanları aramalı, dostlar tapmalı... 18 ağustos. Sabah gedirəm. Bu sözlərdə nə qədər məna var. Gedirəm, onun üçün gedirəm ki, yeni bir həyat, bilgi həyatı qazanım burada qızlarla tanış oldum, siyasi leksiyalara getdim. Axırda mənə çox-çox şeylər lazım olması aşkar oldu. Mənə bilgi və yenə bilgi lazımdır. Məlumat toplamalıdır, çoxlu kitablar qiraət etməlidir. Ya bilgi, ya ölüm. * * * Axşamçağı Asiyanı çağırdım, görüşdük... Sakit idi. Yenə güləş simalı idi. Mən həyəcan içində, min dəfə öz-özümə təkrar etdiyim sözləri titrək səslə söylədim. Dedim: – Əlvida, yoldaş. Kim bilir, bəlkə daha görüşməyəcəyik. Məni hərdənbir yad edin. Asiya qızardı. Cəld əlimi sıxdı. Elə bil ki, ayrılığın nə olduğunu əvvəlcə anlamadı. Evlərinə doğru qaçdı. Mən də döndüm. Bir də qapılarının ağzında toxtadı. Dönüb həsrətlə mənə baxdı. İztirabını duydum. Gülümsündü, qaib oldu... 1914-1935 * * * Kitabxana.az · https://kitabxana.az/collections/cemenzeminli-bir-cavanin-defteri İctimai mülkiyyət (müəllifin vəfat ili: 1943). Public domain (author died 1943). Original text only.