Cənnətin qəbzi Yusif Vəzir Çəmənzəminli (1887–1943) I Başmaqçı usta Ağabala Veylabad şəhərində beş kişinin biri idi; saleh, salim mö’min allah bəndəsi bir şəxs idi. Bir adam yox idi ki, onun saqqalına həsəd aparmasın. Doğrudan da, usta Ağabalanın saqqalı gözəl saqqal idi; qara atlas parçası kibi, üzünün iki tərəfini dutub və gicgahlarına getdikcə ucları naziklənib gözəl bir surətlə qulaqlarına yapışırdı. Heç kəs usta Ağabala kibi saqqal saxlaya bilməz idi: xalq həftədə bir dəfə xına qoysa idi, Usta iki-üç dəfə qoyardı. Və nə hikmət var idisə həmişə xınanın üstündən üzünə qoz yaprağı döşəyib birdən neçə saat yerindən tərpənməzdi. Bikar olan vaxtı, görərdin Usta özünə bir neçə də yoldaş tapıb şəhərdən çölə «başmaq» seyrinə gedir. Burada çubuqlar çəkilib keçmişlər yada gətirilirdi, və birdən biri deyirdi: «yadındadırmı, usta Ağabala; bir dəfə bildirçin götürüb getdik xanın yanına döyüşdürməyə? Mənim bildirçinim buraxılan kibi xanınkını qovdu. Rəhmətlik xanın ğəzəbi, dutub mənim bildirçinimin boğazını üzdü və dedi: «dur buradan get, bir də buralara bildirçin zad gətirsən saqqalının tüklərini bir bir yolduraram». – Xa-xa-xa! usta Ağabala ondan sonra məndən bir qaçaraq çıxdı ki, dahı bir də xanın üzünü görmədim». Usta Ağabala bir az gülüb deyirdi: «hey elə xeyir bərəkət də o vaxtlarda idi»! Bundan sonra bir ayrısı başlayırdı: – Rəhmətlik xanın mənnən arası çox kök idi, (indi kök olmasın!), zorxanada işləyəndə xan da biz ilə işlərdi. Paltarlarımızı təmam çıxardıb, adama bir fitə dutardıq və sonra on-on beş girvənkə gələn acağ milləri atıb dutardıq, oynadardıq. Günümüz elə zorxanada keçərdi. A kişi onda ucuzluq vaxtlar idi; bir «Panabad» ilə iki gün güzəran eləmək olurdu!… Bir gün, xan mənə baxıb, dedi: «vallah, kərbəlayı, sənnən güləşəcəyəm»! Dedim: «xan başına dönüm, mən nə karəyəm ki, sənnən güləşəm; dedi: olmaz ki, olmaz. Xülasə əlacım kəsildi, elə zorxanada dutuşduq. Bir az çarpışa-çarpışa fırlanmışdıq, vallah, xan geri çəkilib, mənə bir elə yumruq ilişdirdi ki, yapışdım divara, dahı bir saat özümə gəlmədim». Belə-belə «başmaq seyirləri» az olmazdı. Birdən ittifaq düşürdü ki, usta Ağabala öz şeyxi mollaları, «Ağa-Əli-Əsgər-ağa» ilə gəzməyə çıxardı. Və həmişə də «başa qovurma» oyunu oynardılar; Usta oturardı və mollalardan birisi, qurşağını açıb, bir ucunu verirdi ona və bir ucundan özü dutub, Ustanı hücum edən mollalardan təpik ilə mühafərə edərdi. Heç usta Ağabalanın yadından bir hadisə çıxmazdı, bir dəfə yenə «başa qovurma» oynayanda axund Əli-Əsgər ağa görür, Qazı qısıla-qısıla istəyir ustanın yanına girsin (Əli-Əsgər ağa oyunda çox mahirdir, Qazı min il «başa qovurma» oynaya, ağaya çatdırmaz). Xülasə Qazının qısıla-qısıla gəlməsinə Ağa artıq e’tina etmiyib, bir az da iləri gəlməyə aman verir və sonra dönüb bir təpik vurur, Qazı diyirlənib düşür çuxura. Bunu fürsət görüb, bir ayrı molla hücum etdikdə qoçaq Əli-Əsgər-ağa bunun da hücumunu dəf edib, cavab verdikdə, ayağı keçir mollanın yaxasına və biçarənin ləbbadəsi də iki parça olub, yerə düşür. Əli-Əsgər-ağanın bu rəşadəti usta Ağabalanın heç yadından çıxmazdı; bunu Usta nağıl edəndən sonra şadlıq təbəssümü ilə deyirdi: «maşallah Əli-Əsgər ağa kibi, molla ola bilməz, onun vəqarı, şəcaəti, gücü vergi kibi, bir şeydir»!… Deyə bilərəm, usta Ağabala axund Əli-Əsgər ağanı dünyada hamıdan çox istəyirdi; bir gün olmazdı, onu görüb əlindən öpməsin, özünü də görməsəydi Axundun evini gərək ziyarət edə idi, hər gah Axund Ustanın və uşaqlarının qətlinə əmr etsə idi, usta Ağabala Axundun yolunda uşaqlarının və özünün qanını çox xoşhallıq ilə axıdardı. Bir gün şəhərdə belə şayiələr dövran edirdi ki, güya üsulilər ilə şeyxilərin davası olacaq, bu əhvalatı Usta eşitdikdə taxtapuzdan, babadan qalma köhnə qılıncını endirib, quyruq ilə pasını təmizləyib qoydu günəşə. Usta and içirdi ki, «bir iş üz verən kibi», o paslı qılınc ilə yüz üsuli başı çapıb, yaralayacaq. * * * II Orucluqda şeyxlərin məscidində (Veylabadda şeyxi, üsuli, kərimxanı kimi neçə dini fırqələr var və hərəsinin də özünə məxsus məscidi mövcuddur). Əli-Əsgər ağaya pul yığılanda qabaqca qırmızı dəstmala bükülü mənbərə tərəf bir şey göndərilirdi, mənbərin alt pilləsində duran tələbə onu alıb, kəmali-mə’rifət ilə onu açardı və içindən bir parça cındıra bağlı pul və iki cüt ə’la başmaq çıxardıb, qovzardı yuxarı və uca səs ilə çığırardı: «usta Ağabala kərbəlayı Cahangir oğlu kəfşduz bir imperyal və iki cüt başmaq verdi. Başmağın bir cütü Ağa üçün və bir cütü də külfəti üçündür. Allahu-təbarək və tə’ala onu dünyada yer-göy bəlasından hifz eləsin və axirətdə də cənnət hurilərindən məhrum qoymasın! «Amin» səsi məscid ilə bir olardı. Ustanın neçə həftəyə başa gətirdiyi başmaqlar məsciddə əl-əl gəzərdi. Əvvəl mənbərin ətrafına toplanan molla və seyidlər başmaqlara durust baxıb dabanında yazılan: «Əməl usta Ağabala mübarək başəd» sözlərinə əhsən deyərdilər. Mollalardan o yana oturmuş hacılar, başmaqların hər tərəfinə mahirliq ilə dutulmuş külabatını görüb mat və mütəhəyyir qalırdılar. Məscidin aşağısına başmaqlar getməzdisə də oradakı kərbəlayılar, məşədilər və geyri alçaq sinifin adamları, başmaqların göyçəkliyini təsdiq edib, ağızlarını marçıldadardılar. Hətta səqfin yavıqlığındakı arvad yerlərindən də pərdələr qalxıb, xınalı əllər usta Ağabalanı göstərərdilər. Usta bunları gördükdə şadlığından bilməzdi nə etsin: gah qalxıb, camaata özünü göstərərdi, gah papağını çıxardıb araqçınını düzəldərdi və axırda öz özünə gülümsənib sükut edərdi. Bu xoşbaxtlıq zamanı çox çəkməzdi: bir dəqiqədən sonra tələbə, camaata bir ayrı adamın şey və ya pul verdiyini e’lan etdikdə daha məscid ustanı yaddan çıxarardı. Kişi çıxardı ki, ağaya yüzlüklər bəxş edərdi atlar inəklər və’d edərdilər; ipək əbalar, xəz cübbələr verərlərdi… Bunları gördükdə ustada daha şadlıq nişanəsi qalmırdı; ürəyindən soyuq qan axırdı. Onda ona fağırlıq əsər edib başı xəyalat ilə dolurdu. Kişini fikir belə götürürdü ki, məsciddən xəbəri bilmərrə olmurdu. Xəyalat aləmində birdən pul tapırdı, evlər tikdirirdi cəmi məsciddəki adamları oraya qonaq çağırıb, qızıl qablarda onlara xörək verirdi. Qonaqlıq qurtaran kimi nökərlər qızıl məcməilərdə daz-qaz aparıb, qoyurdular Əli-Əsgər-ağanın qabağına. Sabahdan cəmi’şəhər danışırdı ki, usta Ağabala kibi kişi olmaz. Şəhərdə qonaqlıq olanda həmişə buna yuxarı başdan yer göstərərdilər. Ağanın qulluğunda əyləşərdi. Burada Usta birdən əlini cibinə salıb bir yüzlük çıxardardı və xəlvətcə Ağaya verib deyərdi: «mən ölüm bunu qoy cibinə! Ağa pulu alıb gülümsənərdi. Xəyalatdan usta Ağabalanın ağzı bal dadırdı, gözləri şadlığından qıyılırdı. Çox vaxt yanındakı adamlar; «ay Usta yadına ləbləbi düşdü, nədi? Ağzını neyə elə eləyirsən?» deyib Ustanı xəyalatdan ayıldardılar. * * * III Deyilməyə görə usta Ağabala Əli-Əsgər ağa ilə siğə qardaş imiş və Ağa Ustanın xətrini belə istəyirmiş ki, onu özü ilə cənnətə aparmağı da və’d etmiş imiş. Bir gün axşam çağı usta Ağabala evə gələndə arvadına dedi: Ə, bilirsən nə var? (Usta Ağabala arvadını adı ilə çağırmağa utanardı. Həmçinin arvad da ona «Ağabala» deməyə utanardı. Onun üçün bir-birini «Ə!» deyib çağırardılar. Birdən gördün quzu mələşən kibi səs gəldi, onda bilirdin ki, usta ilə arvadı söhbətə məşğuldurlar). Arvad cavabında: – Ə, nə var? – Ə, vallah qorxuram deməyə. – Yox qorxma! – A kişi, vallah qorxuram! Arvad qorxa-qorxa: – A başı daşdının oğlu, yoxsa vay xəbəri gətirmisən? – Yox a kişi yox! Belə işdir amma vallah… Burada arvad kişinin sözünü kəsib. – Ə indi mən sənin əlindən almıyacağam ki, de görüm nə tapmısan? Usta bu sözlərdən sonra ətrafa diqqət ilə nəzər yetirib başını arvada tərəf əydi və yavaş səs ilə: – Ə, bax heç kəsə demə ha Ağa-Əli-Əsgər-ağa… Kişi bir az duruxub geri çəkildi. – Ə, sən də elə çox çörək yeyirsən ki, heç səndən gözüm su içmir! Arvad donuxmuş, – A kişi, dəli olmamısan, çörək nədir? De görüm yoxsa qardaşlarımın başına bir şey gəlib! – Ə-yox! – Ə bəs nə var de görüm? Usta bu səfər bir az cür’ət ilə başını arvada tərəf əydi və yenə cəld çəkib dedi – Vallah sən də elə çox çörək yeyirsən ki, elə deyəcəksən mənə buğda, mənə buğda! İkimizi də sürüyüb Adam ilə Həvva kibi, çölə salacaqlar! Arvad yenə bir şey başa düşmüyüb kişinin dəli olmağından şübhələndi. – A kişi cin zad vurub ağlını zadını şaşdırmıyıb ki, hədərən pədərən danışırsan, buğda nədir? Usta bir az fikirə gedib sonra acıqlı, «vallah sən çörəyi çox yeyirsən, mən sənin oduna yana bilmərəm» deyib evdən çıxdıqda arvad cəld yüyürüb onu dutdu. – A kişi dəli olmamısan de görüm nə demək istəyirsən? – Yox vallah deməyəcəyəm! – Ə sən allah! – Vallah deməyəcəyəm! – Yox deyəcəksən! – Hə mən sənə deyəcəyəm, oraya gedəndə elə arvadlığına salıb deyəcəksən, mənə buğda, mənə buğda. – A kişi dəli olmamısan, bircə de görüm nə olub? Çox deyişdikdən sonra, kişi arvadını müxbir etdi. Arvad, əllərini biribirinə çırpıb, həddən artıq şadlıq ilə: – Bıy, bunda nə var, vallah çörək yemə deyərlər yeməram. Deyirəm görəsən nə deyəcək? Bir də orada yeməb yoxdur ha, orada, hər bir şeyi iyliyib doyurlar. Kişi papağını alnına yeridib, gülə-gülə: – Amma arvad keyfimiz olacaq ha! – Deyirəm, ə həmişə orada olacayıq dayna? – Həmişə, həmişə belə keyf var keyf. Arvad kişini götürüb pəncərənin qabağında döşəyin üstə oturtdu; – Ə bircə burda otur, səndən bir iki söz xəbər alacağam. Bircə de görüm, orada da çəhrə yun zad var, yoxsa… – Yox a kişi, heç zad yoxdur, yaxşı huri ğılman belə şeylər var. Belə keyf! Özü də ayrı adamları oyara qoymazlar, biz ağanın səbəbinə gedəcəyik: ya özü aparacaq, ya qəbz verəcək. Heç kəsə demə ha! «Qəbz» sözündə arvad bir az fikirə getdi: «Behişt imdi bir hamam kibi yerdir. Necə ki isti su hovuzunun qapısına camadar qoyurlar ki, arvadlar suyu dağıtmasın, imdi orada da qapıya bir adam qoyacaqlar ki, içəri erməni və ya rus girməsin. Biz ki, ağanın qəbzini göstərəcəyik, onda qapını açıb bizi içəri buraxacaqlar…» Burada arvad dadlı bir gülümsəndi və üzünü usta Ağabalaya dutub sual etdi: – Ə orada yə’ni deyirsən ğılman zadda var dayna? Kişi acıqlı cavab verdi ki, var. – Ə sən atanın goru, acığın dutmasın bircə də görüm bəs onlar nə yeyir? – Arvadın başı olmaz, budur də! onlar neyniyir yeməyi, onların özünü yeyirlər, xa-xa-xa! – A kişi vallah ağanın macalı olmaz dalınca o qədər adam gedəcək ki, onda vallah qıl körpüdən keçə bilmərik, hamımız təküllük (dilim ağzım qurusun) cəhənnəmə!… Hmmm! Allahu-əkbər, deyir Ağa-Əli-Əsgər-ağanın yanında biz cəhənnəmə düşəcəyik. Ə istiğfar elə, qoyarmı, düşək. Vallah yüz min adam ola düşmərik, elə bir əbasının ucu bizdə olsa bəsimizdir. – Vallah a kişi yaxşısı budur ki, elə bir kağız versin. Bax sənə və’də verib, vaxtkən get al, sonra yadından çıxar! Arvadın bu sözləri deyəsən usta Ağabalanın ağlına batdı: bir az saqqalını tumarlayıb dedi: – Onda gərək gedim qabaqca hamama, yoxsa napak almaq olmaz. Arvad cavabında: – Yaxşı, nə edirsən elə amma bir az tez get? * * * IV Usta Ağabala hamama tərəf rəvan olmuşdu, payızın küləyi ağacların rəng-bə-rəng yapraqlarını budağdan budağa salırdı. Göydən qara bulutlar sallanmışdı. Bunlar qiblə tərəfə getdikcə nazilirdi. Və dağlara yavıqlaşdıqda kənarları ağarıb gümüş şəfəq verirdi. Usta getdikcə qabağından küçəyə tərəf pəncərəsiz evlər sınıq-söküq divarlar, dar eniş və yoxuş küçələr bir-bir gəlib keçirdi. Usta o qədər şadlığa aludə olmuşdu ki, ayağı çuxurlara düşüb tez-tez başmağı çıxmağı və ya papağının tullanıb alnına yeriməsi və ya qalxıb bir də pəlsərinə düşməsi bunun nəzərinə belə gəlmirdi. Usta Ağabala belə qeydkeş idi ki, hər gün gördüyü şeylər ona təsir etməmiş olmurdu. Birdən küçəyə düşmüş it pişik və ya geyri bir heyvanat meyitlərini görəndə belə fikir edərdi: «hələ itlərə allahın ğəzəbi keçib, bunlara behişt yoxdur görəsən bu yazıq pişiklərə kim cənnət qəbzi verəcək?» Pişik meyitindən sonra toyuq meyiti çıxanda Usta labüddən gərək bir az da toyuq barəsində fikir edə idi: «görəsən toyuq da behiştə gedəcəkmi? Ona da ğılman verəcəklərmi? Bəlkə toyuq da bilmədi buğdaya bir dimdik vurdu. Görəsən onda ona nə qayırarlar?»… Belə-belə suallara cavab axtararkən birdə baxdı ki, döşünə bir cüt eşşək qulağı dəydi. Dik gözünü açdıqda odun yüklü bir eşşəyə rast gəldiyini duydu. Küçə dar olmağa görə ulaq güc ilə keçirdi. Usta Ağabala qaldı, mə’təl: ya gərək geri qayıda idi ya ulağın üstündən və ya altından keçib gedə idi. Geri qayıtmağa tənbəllənib Usta bir təhər eşşəyin altından keçib getdi. Küçə bazara çıxırdı. Burada qaranlıq və hisli-paslı dükanlar da güc ilə görünürdülər; kimi hesab dəftərlərini yığırdı, evə getməyə, kimi dükanı bağlayırdı. Bircə baqqal, çəmçə ilə qazandan qatığı qovzayıb qobud səsi ilə deyirdi: «qatığa gəl qadanalım, qatığa gəl» və ya bir ayrısı çığırırdı: «qarpız qurtardı. Qalmadı!» Daha ayrı səs gəlmirdi. Usta bazarda dayanmadı; gün batırdı. Cəld orada duran hambalların ortasından keçib, sol tərəfdən görünən məscidə tərəf getdi, qoca müəzzin əlində bir arşın muştuq məscidin qabağında durmuşdu. Məscidin alçaq qapısından, hamballar dalında motal və geyri baqqal şeyləri çıxardırdılar. Məscid, sərin olmağa görə baqqallar oranı icarəyə götürüb içinə şey yığardılar, usta Ağabala məsciddən bir neçə qədəm o tərəfə qoyub, hamama rast gəldi. Hamamın alçaq və uçuq divarları böyük günbəzlərə söykənib, neçə yüz illər idi bu minval ilə qalırdı. Bu hamama çox xanlar gəlib, getmişdir, çox mollalar sübh vaxtı burada istirahətdə olmuşdular, minlərcə kişilər saqqallarına xına bağlayıb, ömürlərinin çox vaxtını burada yatmaqda keçirmişdilər; hamı da fövt olub getmişdi, amma hamamı əvvəlki hallında yaşamaqda idi və minlərcə kişiləri də fəna dünyadan haq yollamağa hazır idi. Hamamın qapısının üstəki yazılar təmamən tərk olub, getmişdi, bircə iri xətt ilə yazılmış «hamam xeyli xubəst» sözləri görünürdü. Bunlardan aşağı bir pəhlivan çəkilib, boğuşan şirlərə tamaşa edirdi. Yağmırdan şirlərin birinin quyruğu silinib yox olmuşdu. Usta quyruqsuz şirin də bir neçə dəqiqə qeydinə qaldı; «görəsən bu şirin quyruğu elə belə yaranıb, yoxsa onu pəhlivan kəsib? Qiyamət olanda bəs pəhlivan onun quyruğunu haradan alıb verəcək? diyib pillələr ilə aşağı endi və alçaq qapını taqqıltı ilə açıb gəlirdi hamama. Burada əvvəl gözə görünən divardakı su küpü idi. Ondan oyana palçıqdan tikilmiş səkidə ocağın qırağında qırmızı saqqal bir kişi oturub mürgü döyürdü. – Salam-əleyküm! Usta Ağabalanın səsinə hamamçı dik atılıb az qaldı ocağın üstə qaynayan pitini töksün, sonra salama cavab verib Ustanın halını xəbər aldı. Usta ortada olan soyuq su hovuzunun yanından keçib, səkinin birində keçələrin üstə oturdu və hamamçıdan dəllək xəbər aldı. Bir həftə idi ki, usta Ağabala dəllək yanına getməmişdi, başını tük lap deşirdi. Elə saqqalı da pərişan halda görünürdü, lazım idi ki, artıq-əskiyini düzəltdirsin. Hamamçı qapıdan bir neçə dəfə kərbəlayı Qulu çağırıb, gəlib oturdu bir azdan sonra dəllək hazır oldu və yetirən kibi balaca güzgünü ətəyi ilə təmizləyib Ustaya təqdim etdi. Kərbəlayı Qulu alçaq boylu bir kişi idi. Onun qızarmış burnu, nazik bığlarının ortasına dək uzanmışdı, hər gah ustanın burnundan bir naehmal damcı düşə idi düz kişinin alt dodağında bənd alardı, və qışda da həmişə buz bağlardı. Onun üçün kərbəlayı Qulu tez-tez başını ördək başı kibi qabağa uzadıb silkələrdi. Onda naehmal damcılar yerə tökülüb, rədd olardılar. Kərbəlayı Qulu çox şeydə ictihad yetirmişdi; təbabətdə də mahir olmağı şübhəsiz idi. Bilirdi ki, qarın ağrısı qanın artıqlığındandır. O saat azarlının arxasını çərtərdi! Boğaz ağrıyanda peysər həcəməti yapdırardı; yaz vaxtı ildə bir dəfə adamlardan qan alardı: «yazda bəlğəmiyyat bədəndə qaynar, rütubət tərpəzər, lazımdır qan ayılıb cuşə gələn vaxtı bunları təmizləmək». Kərbəlayı Qulu məhərrəmlikdə altı aylıq uşaqların başını çərtərdi, qan çıxmayanda uşağın peysərinə bir-iki şapalaq çırpan kibi qan görükərdi. Qan da olmasa idi uşağın başından yəqin sarı bulanıq su çıxardı. Onda uşaq sahibinin nəzri də qəbula keçərdi. Amma ayrı dəlləklər bunu bacarmırlar: uşağın başını qarpız kibi paralayırlar, qan çıxmır, nəzir də qəbula keçmir. Xülasə Kərbəlayının heç eybi yox idi: mahir, qabil, kamil, aqil, məsələsində alim bir şəxs idi. Usta Ağabala güzgüyə zənn edəndən sonra saqqalının xınaya da ehtiyacı olmağını düşünüb, hamamçıya xına almağı da tapşırdı. * * * V Kərbəlayı Qulu, usta Ağabalanın uzun papağını çıxartdı və başını su ilə islatdıqda bir neçə sual elədi; zamanənin dəyişilməsindən, bir az danışdı və dərin ahdan sonra ülgücü belindəki qayışa çəkib, təraş etməyə başladı. Usta Ağabalanın başının yarısı, təraş olmamış, birdən kərbəlayı Qulu geri çəkilib, dedi: – Usta, axır başıma bir iş gəlib. Usta gözünün altınca dəlləyə baxıb yenə başını aşağı saldı. Ustanın bu sual nəzəri elə bil dəlləyin sözünün mabə’dinə səbəb oldu. – Dünən gecə namaz üstə çox dualar oxudum, allahu-təbarək və tə’aladan çox istixarələr elədim, ay usta Ağabala dahı bizim əlimizdən, bundan savayı nə gələr. Dünya işinə başımız qarışıb, axirət lap yaddan çıxıb, xülasə gecə yatdım. Bu sözlərdən sonra kərbəlayı Qulu bir az geri çəkildi və başını iləri uzadıb, silkələdi, naehmal damcılar gəlib, rədd oldular və bir neçə dəqiqə sükut edib dedi: – Usta Ağabala and olsun səni məni xəlq eləyənə, gördüm bir səbətdi, bilmirəm təndirdi nədi, bunun qırağında durmuşam. Bir adam gəlib acıqlı, mənə bir təpik vurdu, düşdüm səbətə. İstədim çığıram, birdə gördüm gözümə, qurban olduğumuzdan biri görükdü. Usta and olsun getdiyim ağaya! Bir əl gəlib məni səbətdən çıxartdı, ağzıma da bir dolma qoydu. Amma onu deyim ki, Usta dolmanı yeməmiş ayıldım, gördüm sübh açılır, həyətdə xoruzlar banlaşır, Usta kişi gərək doğru söz danışsın, tikə elə ağzımda qaldı, dahı yeyə bilmədim! Usta Ağabala yavaş səs ilə «e’tiqadın kamildir, amma ruzin kəm» deyib fikirə ğərq oldu. Kərbəlayı Qulu usta Ağabalanın saqqalının altını təraş edə-edə deyirdi: – Biz üzü qara bəndələrin əlindən də nə gələr ki; allah-taaladan nə qədərlənib o olacaq məni kəm ruzi xəlq eliyib o öz əlindədir. Lap ac çılpaq qoysa sözüm nədir… – Ay Kərbəlayı yavaş, boğazımı kəsdin! – usta Ağabalanın zarıltısı gəldi. Dəllək qulaq vermiyib, deyirdi; – Biz gərək naşükür olmayaq və onun yolunda hər bir şeydən keçək ki, qiyamət günü üzümüzə qara çəkməsinlər! Yə’ni mən, ay Usta elə əlimdən də gələni eləmişəm: iki dəfə Karbalaya getmişəm üç dəfə Məşhədə… – Kərbəlayı Qulu, qayçı burnumu deşdi, – birdə Ustanın səsi gəldi. * * * Kərbəlayı Qulu qurtarıb ülgücü belindəki qayış kisbəndə qoydu. Usta Ağabala güzgüdə birdə özünə zənn ilə baxdı: doğrudan başı çox səliqə ilə təraş olmuşdu; saqqalın ucu qarmaq şəklində qulaqlarına yapışmağı Ustanın simasına bir ayrı lətafət verirdi. Kərbəlayı Qulu bığların qabağını vurmaqda da artıq mahirlik göstərmişdi: Ustanın qalın dodaqları tükdən tamam ayrılıb onun bilaixtiyar nəzərini özünə cəlb edirdi. Usta Ağabala özünə zənn etdikdə «görəsən bu nurani sima hamıyamı müyəssərdir»? deyib kərbəlayı Quluya bir şahı verdi və başladı səkidə soyunmağa. Dola ha dola neçə arşın qurşağını açıb tökdü və sonra çuxa arxalıq, can arxalığı, hamısını birdən çıxardıb tappıltı ilə saldı keçənin üstə. (Ustanın yay və qış libası, biri birindən seçilmiyib həmişə üç-dörd geymədən ibarət olardı). Paltarlarının hamısını usta Ağabala topladı, dolma bükən sayaq bir fitəyə bükub qoydu səkiyə və papağını da lap fitənin üstündən qoyub səkidən aşağı düşdü. O biri səkilərdə də Usta bükən sayaq çoxluca paltarlar bükmüşdülər və üstlərinə də cürə-bə-cürə papaqlar qoymuşdular. Papağın bə’zisi uzun, qovun çeşnisində idi, bunların sahibi molla və ə’yandan olmağı aşkar idi – bə’zisinin qarpıza oxşarı vardı; bunlar əsnaf papağı idi. Bir iki də təkərə bənzər cavan papağı görünürdü. * * * VI Usta Ağabala qapını axtarırca, divardakı şəkillərə də bir nəzər yetirdi. Qoçaq nəqqaş cəmi sə’yini burada sərf etmişdi. Divarın biri Bəhramın fövqəladə rəşadətini təsvir edirdi; Bəhramın atdığı ox ilə ceyranın dal ayağını qulağına yapışdırmağı bir cavanı mütəhəyyir qoymuşdu. Biçarə cavan təəccübündən ağacın dalında şəhadət barmağını dişləyib gözünün qarasını bir tərəfə döndərməkdən başqa bir şeyə qadir deyil imiş… O biri divarda bir padşah çəkilib, bunun bığları uzanıb, gedib girmişdi divardan asılmış bir fitənin altına, padşahın qabağında bir çəpkənli qız, padşaha alma təqdim edirdi. Üçüncü divarda, iki acağın arasında pəhlivanlar güləşirdi. Bir pəhlivanın qılıncında və o birinin qulağında örümçək tor qurmuşdu. Bunlardan yuxarı qara rəng ilə çəkilmiş dağların dalından bir çərgə şəhadət barmağı ağzında kişilər təsvir olunmuşdu və yenə hamısının gözünün qarası bir tərəfdə idi. Görünür ki, pəhlivanların güləşməsi, bunlara çox bərk əsər etmişdi… Bu şəkillər İran sənayei-nəfisəsindən bir nümunə olub cəmi hamama gələnləri mat-məhbut qoyurdu. Usta Ağabala da onlara baxdıqda «zalım oğlunda nə qabiliyyət var imiş!» deyib ocağın tərəfindəki qapı ilə içəri rəvan oldu. Bir neçə qədəm qaranlıqda gedib usta sağ əlini qovzuyub bir az havada fırladı ki, görsün qapı yavıqlaşdımı? – bir şey tapmayıb, qabağa getmək istədi, amma sərbənd nahəmvar olmağa görə lazım idi, ayağının da birini qovzayıb havada fırlasın. Usta bunu da elədi. Əlləri ilə divardan dutub sağ ayağını qovzayıb qabağa uzatdı, və başladı, yavaş-yavaş barmaqlarının ucunu yerə endirməyə. Barmaqlarının yerə yavıqlaşmağını hiss etdikdə usta qılçını boşladı, və ayağı tappıltı ilə soyuq horranın içinə düşdü. Sol ayağını qovzayıb boşladıqda azca bundan isti horraya düşdü, belə-belə soyuq horradan isti, istidən soyuğa keçə-keçə Usta dəydi qapıya və bir də sağ əlini havada fırlayıb rəzəni tapdıqda, qapını açdı. Hədsiz səslər biri-birinə qarışıb, hamamın səqfinə düşmüşdü; hovuzun buğundan içəridəki adamlar kölgə kibi görünürdülər; hamamın sağ divarında bircə pəncərəsi var idi. Buradan da hamama az işıq düşürdü, pəncərə yol ilə barabar olduqda, küçələrin nə qədər zibili olsa idi, külək gətirib buraya təpərdi. Bundan ilavə qonşuda «Dınqılı bəy» ləqəbli, arıq və uzun boylu bir şəxs olurdu, bu bəy nədən isə yediyi şeylərin artığını, hamamın pəncərəsinə atardı. Çox vaxtı nökərlər ilə mərc elərdi; «kim qarpız qabığı ilə hamamın pəncərəsini vursa, vura bilməyəni minib həyətin o başına getsin» – belə olan surətdə hər kəs olsa idi, istərdi pəncərəyə bir şey atsın. Xülasə hər nə eləyirdilər o bizim işimiz deyil, biz ancaq onu deyə bilərik ki, hamamın pəncərəsi çox şədid idi: nə inki qarpız qabığı, başmaq ayı, it, pişik meyiti – burada hər bir şey tapılardı. Usta Ağabala pəncərəyə heç baxmadı, ancaq onun qabağında fitələrin üstə xınalanıb yatmış iki kişiyə dürüst zənn elədi ki, görsün böyük şəxslərdirsə baş endirib, hallarını xəbər alsın, amma çifayda bunların xorultusu hamamı bürümüşdü və qıllı sinələri, körük kibi qalxıb enirdilər. Camadar Ustanı gördükdə gəlib, küncdə onun təzə fitəsini alıb, bir köhnə və yaş fitə verib buraxdı, Usta camadardan bir balaca dilgir oldu; həmişə Ağa-Əli-Əsgər-Ağa ilə hamama gələndə camadar onların fitəsini dəyişməzdi. Və quru fitədə buraxardı içəri. İmdi ancaq nə səbəbdənsə camadarın gözündə usta Ağabala kibi kişi, alçaq sinifdən hesab olunub fitəsi dəyişildi. Hər gah bu iş ayrı vaxt olsa idi, cənnətin qəbzi məsələsi Ustanın başında dolanmasa idi, yəqin ki, kişi acığından ğəm yeyib fövt olmuşdu. Amma belə işlərə qulaq asmaq zamanı deyil idi: «qaçanı qovarlar» demişlər. Əli-Əsgər-ağanın keyfinin kök vaxtına düşüb, «qəbz» və’d etmişdi, hər gah aradan bir az keçsə idi, yəqin ki, daha verməzdi. Onda da usta Ağabala behişt çəpərinin dibində, min il «mənə huri, mənə huri» deyib gözünün zoqqurunu töksə idi də ona huri verən olmazdı. Ona görə Usta camadarın mə’rifətsizliyinə e’tina etməyib, qapının müqabilində olan isti su hovuzuna tərəf rəvan oldu və bir neçə pilləkən çıxıb balaca qapıdan suya düşdü. Ustanın canı, rahat oldu. Amma hovuzun suyu, neçə həftələrdən bəri dəyişilmədiyinə görə bir balaca qoxuyurdu. Onun da heç bir şeyə dəxli və zərəri yox idi. Hovuza girən qaş-qabaqlı çıxmazdı, həmişə şad, nurani, pak-pakizə, ğəmgin adam da oraya girsə idi, keyfi açılardı: hovuzda adam həmişə həm-söhbət tapır, bir-biri ilə hallaşır, «məsələ» öyrənir, çimməkdə ki, bir keyf. Hovuzun bu başından girib, o biri başından çıxana dək, on adam ilə toqquşarsan, bunun hərəsində bir məlahət, hərəsində gizli bir ləzzət var. Hovuzda səqfin yırtığından düşən işıq, suyun bulanıqlığını güc ilə aşkar edirdi, bircə çirk layının xırda dalğalara düçar olub, tərpənmələri mə’lum olurdu. Daha ayrı, şeylər əlaməti orada görünmürdü. Bəlkə onu demirəm, birdən-birə adam suya girəndə (xudanəkərdə) qıl çəngələri, dinc durmayıb onun qoluna, qıçına və ya boynuna dolaşa idi və ya ayağını, hovuzun dibində cür-bə-cür yumşaq şeylər ihatə edə idi, bunların da ğüslə mümanəəti olmamağı, aşkardır. Usta Ağabalaya da ğüsuldan başqa ayrı şey lazım deyil idi: yə’ni gərək bir neçə dəfə bata idi suya, istiğfar edə idi və pak olandan sonra gedib Əli-Əsgər ağadan cənnətin qəbzini alıb rahat yerində otura idi. Bu fikir ilə Usta barmaqlarını, qulağına və burnunun dəliklərinə tıxıyıb suya batdı. Kişi, məsələsində arif idi: ğüsuldə bədənin hər bir yerinə su dəyməyini bilirdi, ona görə ayaqlarını da hovuzun dibindən üzdükdə, balıq kibi üzüb o biri tərəfdən çıxdı. Burada uca səs ilə «səlavat» çevirib əlini saqqalına çəkdi və suyun üzünə tüpürüb birdə batdı. Amma çifayda, bu dəfə siyahət natamam qaldı, Usta yarı yol getməmişdi, bir ayrı kişi ilə baş-başa gəlib toqquşdular və ikisi də üzlərini turşaldıb sudan çıxdılar ki, bir birini döysünlər, birdə üz-üzə gələndə «ya allah» deyib mehriban görüşdülər. Bu usta Ağabalanın məktəb yoldaşı, kərbəlayı Bağır idi. Kərbəlayı Bağır həmişə gülümsənəndə gözünün qarası itərdi, burada da gözünün qarasını itirib dedi: – Usta keyfin kök, dımağın çağdırmı? – Allaha şükür! – Nə təhərsən yaxşısanmı? – Neyə dövlətindən, sən nə təhərsən? Kərbəlayı Bağır cavab verdi: – Allaha şükür. – Keyfin kök dımağın çağdırmı? – Allaha şükür. – Nə təhərsən yaxşısanmı? – Neyə dövlətindən! – Allahın dövlətindən. – Uşaqlar da yaxşıdırmı? – Canına duası var. Sizinkilər nə təhərdir? – Canına duası var. – Lap yaxşısanmı? – Allaha şükür… Belə-belə on-on beş dəqiqə biri-birinin halını sorub, sabiq rəfiqlərin hərəsi hovuzun bir küncünə çəkildi. Az çəkmədi, hovuza bir neçə adam da girdi. Bunların biri cüzamlı Abbas idi, qalanının qaranlıq olmağa görə üzləri mə’lum olmurdu. Ancaq birinin keçəli güc ilə seçilirdi. Hovuz «səlavat» səsi ilə bir oldu. Şappıltı düşdü, kərbəlayı və məşhədilər ördək kibi çimişirdilər. Biri batıb, biri çıxırdı. Bunun ilə qənaət etməyən neçə çanaq da başına su tökürdü. Salavatlar lap məxrəcdən gəlirdi. Saqqallar tumarlanırdı. İstiyə davam etməyənlər peydərpey divarlara tüpürüb canlarını rahat edirdilər. Usta Ağabala hovuzdan çıxan kibi, yerə salınmış fitənin üstə uzandı və camadar onun saqqalına, bığlarına, qaşlarına və barmaqlarının uclarına, kamalı-qabiliyyət və səliqə ilə xına yaxdı. Ustanın istidən döyünən ürəyi elə bil xınadan sonra, sakitləşdi; bədəni rahat olub daha tərpənmədi; gözləri yavaş-yavaş qıyılıb yumuldu. Usta əvvəl ağzından fısıltı ilə bir az hava buraxıb, ondan sonra qəlyan kibi xoruldamağa başladı. * * * VII Veylabad şəhəri elə bil dəyişmişdi: hərə bir tərəfə qaçıb dağılmaqda idi; ətrafdan həyəcanlı səslər gəlirdi; sərvətlilər qızıllarını basdırırdılar, fağırlar da damlara doluşub allah sədasını göyə qovzayırdılar. Qoşun kişilik idi. Düşmənlər hər tərəfdən şəhəri ihatə etmiş idi. Şəhər darvazaları təmamən bağlanıb dallarına qalın torpaq çəkilmiş idi. Qoşun fövc-fövc düşmənin hücumunu dəf etməyə çalışırdı. Qalabəndlik ili idi, Usta Ağabala yenicə anadan olmuşdu, bələyinin üstə göz yaşları sel kibi axırdı. Arvatlar buna baxdıqda deyirdilər, «suya dönmüş oldu olmadı, şəhərin nuraqı döndü». Elə arvatların haqları var idi. Ağabala çox ağlağan uşaq idi. Ağlayanda üzünü turşaldırdı. Elə bil mərsiyyə deyəcək idi. Birdə usta Ağabala gördü ki, bunu bələkdə bir biyabana atıblar, qalıb çığıra-çığıra. Səs küy təmam kəsilib; dağlar, daşlar, duman ilə bürünüb, bircə xırda çığır gözə görünürdü. Bu yol ilə bir addım enirdi. Yavıqlaşdıqda Əli-Əsgər-ağa olduğu mə’lum oldu. Axund yetişən kibi ustanı qucağına götürüb bələyini açdı və sonra cibindən bir kağız çıxarıb ona verdi: «al bu kağızı, tapşırdım cənnətin kənarından sənə bir parça yer versinlər orada ye, iç, huri və ğılmanlar ilə axirət ləzzətini apar». Usta Ağabala kağızı alan kibi qaçmağa üz qoydu və hər addım atdıqca elə bil böyüməyə başladı; belə ki, şəhərə yetincə altı yeddi yaşında oldu. Bir gün Kərbəlayı Cahangir gördü ki, oğlu Ağabala divardan sərçə yuvası düşürür. Kərbəlayı fori əlləri ilə onu dutub, başına bir-iki qapaz saldı və sonra İrandan gəlmiş bir mollanın məktəbinə apardı. Hər sabah açıldıqda Ağabalanı min ah və zar ilə geyindirib, bir qoltuğuna odun birinə kömür verib, (adətən şəyirdlər məktəbə odun, kömür aparıb, özləri üçün ocaq qalardılar və hər kəs gətirməsə idi onu manqalların və buxarının kənarına qoymazdılar, məktəbin bir küncündə soyuqdan titrərdi) çiyninə də heybəsini salıb məktəbə göndərərdilər. Uşaq atasına bir təpik, anasına bir şıllaq atıb qapıları, bir-birinə çırpa-çırpa evdən çıxardı. Bir neçə il belə keçdi. Kərbəlayı Cahangir elə gözləyirdi ki, oğlu Quranın məddini ayağa çıxıb məsələsinə arif olacaq. Lakin oğlu hələ «vəlləyli» də qalmışdı. Kərbəlayı hər vaxt məktəbə gedib, onu mollaya tapşıranda molla Ağabalanın çənəsindən dutub deyərdi: «çox sə’yli uşaqdır maşallah!». Ağabala çox qoçaq uşaq idi: məktəbdə cəmi işə hamıdan qabaq o qədəm qoyardı. O biri uşaqlar məktəbə həftədə bir gügüm su versə idilər, Ağabala beş-altı gügüm verərdi, məktəbi hər gün süpürərdi; bazara gedib, mollaya piti alardı. Bunun üçün də mollası Ağabalanı cəmi şəyirdlərindən çox istərdi: hamısından qabaq onun dərsini deyərdi, həmişə qulunc duranda arxasını ona tapdaladardı, çubuğunu o doldurardı. Ağabalanın bu xoşbaxtlığına cəmi şəyirdlər həsəd aparardılar; axşama dək fikirlərində bu idi ki, bircə Ağabala bu məktəbdən çıxa idi ki, bəlkə bizə də mollanın arxasını qaşımaq və ya boynunu ovmaq növbəti yetişə idi. Bir gün yenə Kərbəlayı Cahangir Ağabalanı mollaya tapşırmaq üçün, məktəbə gedəndə görür, məktəbdən səs gəlmir; nə olubsa molla uşaqları tezdən buraxıb. İçəri girdikdə məktəbdə bircə Ağabala ilə molla nəzərinə keçir; görür molla Ağabalanın çənəsindən dutub deyir: «Ağabala qurbanın olum, sən mənim qulağımdan dut mən də sənin!». Bu sözlərdən kişi nə anlayırsa yüyürüb mollanı süpürlüyür. Bir az molla bunu bir az bu mollanı, bu küncə o küncə çırpandan sonra küçədən səsə bir neçə cavan yüyürüb bunları aralıyır. Sabahdan bu işə min rəng verib bazarda danışdılar. Bunu eşitcək Ağabalanın böyük qardaşı gedib mollanın qoparağını götürdü; dayıları, mollanı məktəbə həsrət elədilər; o biri qohumlar özlərinə xançaldan pıçaqdan axtarıb, tapdılar. Söhbət gün-gündən böyüdü; beyinlər qızdı. Az qalmışdı, bu işlər mollanın başında çatlasın, molla baş götürüb İrana qaçdı. Şəhər sakit oldu, söhbətlər yaddan çıxdı. Kərbəlayı Cahangir and içdi ki, dəxi bu işdən sonra Ağabalanı məktəbə qoymıyacaq, necə də demişdi elə də elədi: aparıb bir başmaqçıya şəyird verdi… * * * Usta Ağabala birdə baxdı, gördü, otuz ildir başmaqçıxanada tozlu çirkli dükəndə çərməyi döyür. Bu uzun müddətdə Veylabadda hər bir şey dəyişmiş idi çox «şeyxilər» dönüb «üsuli» olmuşdular; hacı kərimxanilər «şeyxi» olmuşdular. Şəhərdə böyük mə’cizələr görünmüşdü; çoxlu ocaqlar (pirlər) zühur etmişdi; Əli-Əsgər-ağanın evi neçə dəfələrlə ğeybdən nurani olmuşdu; birdən-birə mollaların pulları bərəkət tapmışdı. Qazı ağa altı yüz manat məvacib ilə böyük imarətlər yapdırmışdı; o biri mollara allah haradansa dövlətli, dul arvatlar yetirmişdi. Xülasə şəhərdə hər bir şey tərəqqi tapmışdı, dəyişilmişdi, abad olmuşdu, bircə Usta Ağabala qədimliyində sabit qalıb, otuz il idi ki, bu qərar ilə məişət keçirirdi: elə qayışı suya salıb, dizinə çəkirdi və sonra çərməyi ilə döyürdü. Usta burnunu qurtdalayıb dərin bir fikirə ğərq oldu: «heyhat! Ömür getdi. Gün getdi! Bu gün, sabah inkir-minkir sual edəcək ki, nə qayırmısan? – onda nə cavab verəcəyəm?» Bunları fikirindən keçirəndə Ustanın qabağını, cənnət, cəhənnəm gəlib kəsdi. Onun əvvəl gözü yaşarıb, ürəyi bərk döyündü, sonra yadına «cənnət qəbzi» düşüb gülümsəndi və cəld çərməyini tullayıb döşlüyü döşündən qopartdı, «ahəstə qaçana imam ğənim»: Usta qaçmağa qədəm qoydu. Bazardan keçdikdə dükənçilər təmamən yerlərindən qalxıb başladılar Ustaya gülməyə; baqqallar çürük meyvələr ilə salbalamağa; uşaqlar yüyürüb ustanı ətəkliyirdilər, şəhərdə belə qayda idi, bazardan yüyürmək kibi adətdən kənar bir iş dutanı, bu təhər edərdilər. Usta, bunlara qulaq vermiyib bazardan keçdi. Küçələr bir-bir gəlib getdi. Burada Ustanın qabağına əvvəl «hacı-kərim xani-lərin» mollası çıxdı. Usta ona heç e’tina etmədi, o da ustaya acıqlı bir nəzər ilə baxdı. Bir az keçdi bir neçə kömürçü və kənkan göründü, sonra bir dərviş və axırda bir neçə seyid mərsiyyəxan və çoxlu dilənçi. Usta bunların bəzisinə uca səs ilə salam verib bə’zisinə də heç e’tina etmiyib keçdi. Bir neçə addım da atıb şəhərin axırına çıxdı, mazı-mazı oynayan on yeddi, on səkkiz yaşında uşaqların səsindən qulaq tutulurdu. Bunlar ustanın qaçmağını görcək onu hoydu-hoyduya götürdülər. Usta bunlara da fikir vermiyib uzaqlaşdı. Duman ətrafı bürümüşdü, yer göy zülmətə ğərq olmuşdu. Səs küy bilmərrə kəsilmişdi, bircə Ustanın ayağının şappıltısı, adama həyəcanlı, təsir edirdi. Usta Ağabala aramsız qaçırdı, havada təğyir görünmürdü. Zülmətin işıqlanmağına umud yox idi. Qırx gün, qırx gecə Usta Ağabala yol getdi, ətrafda bir işıq əlaməti görmədi, axırda təngə gəlib bir dağın ətəyində uzandı və öz özünə bu fikirləri eliyirdi: «allah yoxsa mən günahkar idim ki, qabağıma zülmət çıxdı? Buyurmusan, Ağa-Əli-Əsgər-ağanın dalında namaz qıl, qılmışam; şeyxilərin məscidindən başqa ayrı məscidə getməmişəm; mollanın tabeindən çıxma-çıxmamışam, əl deyib-ölmüşəm, eyb olmasın, ev adamına ibn Mülcəm (allah lə’nət eləsin) ələn axşamı yaxşı kəllə-paça bişirdib aparmışam yeyiblər (halal xoşları olsun). Bəs mənim günahım nədir?». Usta ağlaya-ağlaya fikirə getdi və birdən qalxıb başına döyə-döyə həkürdü: «pərvərdigara! Mənim günahımdan keç! Məni qəbir qazanına saldırma: bircə dəfə bilməmişəm, üsulilərin oduna düşüb kişmişli aş yemişəm!… Uhu, uhu!…. yoxsa onun zülmətidir indi məni bürüyüb!» Usta Ağabala gözünün yaşını tökməyə başladı. Ağladı və başını daşdan daşa çırpıb yatdı. Azmı, çoxmu yatıb, usta yaşlı gözlərini açdı, birdə gördü rüzgar təmam dəyişilib: duman çəkilirdi; dan yeri yenicə sökülürdü; şərq bulutları qızıl kibi parıldayırdı; ay və ulduzlar günün parlaq şüa’ları qarşısında işıqdan düşüb, sönük bir halda gözdən itirdilər. Sübhün həzin küləyi yaşıl yapraqları bir birinə vurub zaqqıldadırdı; bulaqların daşdan daşa tökülüb şırıldamağı gözəl bağlara bir ayrı lətafət verirdi; çiçəklərin titrəşib, bir biri ilə baş başa gəlmələri elə bil bülbülün yanıqlı səsinə səbəb olurdu… Bir dəqiqə çəkmədi, günün şüası dağın dalından qalxıb cəmi aləmi işıqlandırdı; gül ğəncələrinə düşmüş şehlərin hərəsi min rəng çaldı. Cənnətin yavıqlaşmağı Ustaya əyan oldu. Cəld yerindən rəvan oldu. Bir az getməmişdi, şiddətli bir mənzərəyə rast gəldi: şimal tərəf təmam od dutub yanırdı; yerdən və göydən alav qaynayırdı. Usta bir az donuxdu və mə’təl qaldı; bircə yol var idi o da yanğı tərəfə gedirdi; daha ayrı tərəfə getmək mümkün deyil idi, gülzarlıq ilə bunun arasında böyük bir səd çəkilmişdi, onu keçməyə insan qadir deyil idi. Ustanı dərdə fikir götürdü: «yoxsa allah eləməmiş, cəhənnəmə gedirəm?» Yenə yadına «qəbz» düşüb ürəyini toxdatdı və qurşağının ucunu açıb alnının tərini silə-silə od çıxan tərəfə rəvan oldu. Burada gün, göydən yerə enmişdi; xalqın istidən dilləri ağızlarından çıxıb yer ilə sürünürdü; dəstə-dəstə adamların üzlərinə qara çəkib, çığırda-çığırda od tərəfə aparırdılar, əcayib məxluqat görünürdü: kimi buynuzlu və at ayaqlı idi, bə’zisi yarı öküz yarı adam idi; kiminin dörd-beş əli və əlində odlu gürzlər var idi. Bu əcayib zəbanilər dutduqları insanları gürz ilə şappalıyıb odlu zəncirlər ilə dağlıyırdılar. Çığırtıdan qulaq tutulurdu. Ğərb tərəfdə bir təpənin üstə ağ ələm vurulmuşdu. Burada «nameyi-e’mallara» və köhnə hesablara baxılırdı. Gözləri eynəkli qoca bir mələyikə kitabları, vərəqlədikcə toz qalxırdı. Sağ tərəfdən İsrafil sur düdüyünü çalıb, ölüləri yuxudan oyadırdı. Qəbirdən qalxan qoi, qılçasını qoltuğuna vurub, ağ ələmə tərəf diyirlənirdi. Burada böyük bir dəstə əmələ gələn kibi, içlərindən biri ayrılıb çıxırdı ağ ələm duran təpəyə, başlayırdı mərsiyyə deməyə və ölülər də təpələrinə döyüb ağlaşırdılar. Qoca mələkdən birisi, dəftərdə hesab çəlpəşik düşdükcə turşalmış üzünü bunlara çevirib deyirdi: məgər dəxi bəs deyil? sıtal uşağı, sıtal lap zəhləmizi tökdünüz! Ələmin sol tərəfində duranlar xaçpərəstlər idi, bunların üzlərinə qara çəkib sorğu-sualsız cəhənnəmə tökürdülər. Usta Ağabala bunlara baxanda bir zəbani ağzından alav tökə-tökə bunun üstə hücum etdi. Qoçaq usta özünü itirmədi cəld qəbzi göstərib çığırdı: «vallah şeyxiyəm». Zəbanı ağzını yumub sükut etdi və sonra işarə ilə Ustadan uzur istəyib onun ilə getməyi rica etdi. Usta razı oldu. Bir neçə dəqiqə getməmişdilər, bir dağa rast gəlib başına çıxdılar. Usta bir də gördü, dağın müqabilində gözəl bağlar, uca imarətlər salınıb; imarətlərin altından çaylar axırdı, hovuzlar fəvvarə vururdu, gül gülü çağırırdı, bülbül bülbülü; hurilər və ğılmanlar ağacların dibində səf çəkib, boyunları çiyinlərində durmuşdular; yumru-totux uşaqlar, qızıl taxtlarda qumaş yastıqlara söykənən mə’minlərə şarab paylayırdılar. Bir tərəfdə çeşmələr şaqqıldayırdı. Bir tərəfdə gözəl çiçəklər qoxuyurdu, mərmər hovuzlarda qızıl balıqlar oynaşırdı; ağaclarda partlamış narların hər dənəsi yaquti-əhmər kibi, qızarıb şəfəq verirdi. Bircə xahişə bağlı idi ki, meyvələr ağacdan üzülüb öz-öz başına mə’minlərin ağızlarına düşsün. Usta Ağabalanın ürəyi məhbubəsini görmüş aşiq ürəyi kibi döyündü, Amma çifayda oraya getmək mümkün deyil idi; orada qıl körpü durmuşdu. Qıl körpünün hər tərəfi od dutub yanırdı. Minlərcə adamlar odlu gürzlərin çənginə düşüb fövt olmaqda idilər. Bura cəhənnəm idi. Cəhənnəmin kənarında çoxlu qır qazanları qaynayırdı. Günahı çox olanları burada qaynadıb sonra atırdılar əzdahaların ağzına. Birdən bərk səs gəldi. Usta sol tərəfə baxdıqda gördü, bir böyük dəstə üzü qara adamlar götürürdülər. Qır qazanlarının yanına gətirdikdə «nameyi-e’mallarını» çıxardıb bir-bir oxudular, bunların biri dəmir yol və bir gəmi ixtira’ etməyə görə odlu gürz ilə bir neçə vurub, tulladılar əzdahaların ağzına. Biri balon qayıran idi, bunu allaha ox atan Firoun cərgəsindən hesab edib məsləhət gördülər ki, artıq tənbih üçün bir əl qır qazanında qaynadıb alava atsınlar, təyyar qır qazanına düşəndə usta Ağabala «allah sizə lə’nət eləsin az qalıblar allahın da yanına çıxsınlar» sözləri ilə ürəyindən tikan çıxartdı. O biri «namə»lər oxunanda çoxlu qəzetçi adları söyləndi, bunları da əvvəlki minval ilə odladılar; sonra rəssamlar gəldi, bunları sorğusuz doldurdular qır qazanına. Artistləri zəncir ilə döyüb öldürdülər. Yevropa və Amerika hükəma danişmənd və geyri namaz qılmıyıb, şeytan əməllərinə rəvac verənləri təmamən yandırıb küllərini sovurdular. Axırda bir cırıq «nameyi e’mal» çıxdı; bunun sahibi bir balaca arıq adam idi, sual etdikdə kimsən? Nə karasan? Cavab gəldi ki: «hacı kərim xani». Bu sözü eşitcək cəmi zəbanilər gülməkdən qəş elədi, Əzrail lap özündən getdi; usta Ağabalanın şadlığından papağı düşüb, diyirləndi: «buna bax buna! Alma qaxına oxşayır, məl’unun könlündən «kərimxanılıq» keçir!» Zəbanidən birisi «kərimxanini» barmağının ucunda götürüb atdı qır qazanına və başladı qarışdırmağa. Usta Ağabala gördü baxmaq ilə qurtarası deyil: hər dəqiqədə minlərcə adamları çəkib cəhənnəmə tökürlər, yavaşca qıl körpünün üstə çıxdı. Onun qabağınca bir rusca oxumuş adam gedirdi, ondan da qabaq hicabsız bir arvad. Onların ikisi də ortaya çatmamış qıl körpüdən uçub cəhənnəmə vasil oldular, amma usta quş kibi gedib ayağa çıxdı. * * * VIII Cənnətin ənbəri qapıları, usta Ağabalanın üzünə açıldı. Rizvanlar tə’zim edib Ustanın pak qədəmlərini təbrik etdilər. Bir dəqiqədə minlərcə hurilər tökülüb işvəyi-dilnəvazləri ilə onu ihatə edə-edə apardılar. Səndəl taxtlar ipək mütəkkələr hazırlanmışdır. Ustanı oturtdular, gözəl bir çocuq bir piyalə lə’l tək şərab gətirdi. Şərabın ləzzəti-ruhanisindən Ustanın dünyada çəkdiyi zəhmətlər yadından çıxdı. Bədəni böyük bir qüvvə ilə məmlu oldu, gözləri işıqlandı; ürəyində yeni bir hiss, həzz və ləzzət hissi oyandı. Ətrafa baxdıqda gözəlcə hurilər gördü, vücudu bir od paraya duçar olub, ilk dəfə olaraq eşqi-həqiqi nə olduğunu duydu. Hurinin birini sağa aldı, birini sola və incə bellərini qucaqlayıb, almaya bənzər yanaqlarını öpməyə başladı və öpdükcə eşq odu alavlanıb, Ustanın vücuduna yayıldı. Bu halət artıq çəkmədi. Birdən böyürdən keçəl Həsən çıxıb Usta ilə salamlaşdı: – Ya allah Usta! Usta dik atılıb cavabında: – Ya allah Məşhədi Həsən! Balam sən hara bura hara? Yə’ni ağa ilə qulun arasını bilmək olmaz; hər sir allah yanındadır. Keçəl Həsən ustanı qucaqladı və çəkə-çəkə apardı. – A kişi bir gəl gör burada nə ləzzət var. İki mə’min yaşıl ağacların kölgəsi ilə salıb getdilər. Bir xeyli gəzdilər və cəmi dost-aşnalarını da görüb söz qoydular ki, gedib Ağa-Əli-Əsgər-ağanı da tapıb bir «başa qovurma» oynasınlar. Qotur Səməddən başqa hamı razı oldu; dedi: – Siz eləsiniz uşaqlar, bu gecə birə məni qoymuyub yatam, hammal qulu mənnən yan-yana yatmışdı. Bilmirəm onun birəsidir ya nədir? Qotur Səmədin sözlərindən hamı istiğfar elədi, Usta Ağabala isə bir xeyli də dilgir oldu: – Səb eləmə məl’un allahın cənnətində birə nə gəzir, görəsən yenə qoturun dutub nədir! Səməd Ustaya acıqlandı və hersli sıçrayıb istədi onu döysün. Tökülüb qoymadılar. Huri və ğılmanlar gəlib aralığa sülh saldılar və az çəkmədi hərə çəkilib bir guşədə əvvəlki keyflərinə məşğul oldu. Usta Ağabala axund Əli-Əsgəri hələ görməmişdi. Oradan buradan sual etdikdə xəbər verdilər ki, gələndən süd gölçələrinin yanında keyfə məşğuldur. Usta getdi. Çarhovuzun yanından keçdikdə pinəçi Ğafara rast gəldi. Əhval-pərsandan sonra Ğafar da Ustasının qulağına pıçıldadı ki, gecə birə əziyyət eləmir ki. Usta bir də haldan çıxdı; az qalmışdı ki, yenə dava düşsün. Ğafar and içib onu inandırdı ki, birədən hamı şikayətçidir. Dedi: – İnanmırsan palanduz Əkbərdən soruş, kişi dünəndən bir təndir axtarır ki, paltarını çırpsın! Usta o qatı təlx gəlib Ağanın yanına çıxdı. Ağa-Əli-Əsgər-ağa zircamədə ğılmanları başına toplayıb «hoppaq-hoppan» oynayırdılar. Hərdən Ağa ğılmanları elə çimdikləyirdi ki, biçarələrin gözləri yaşarırdı. Ağanı görcək ustanın cəmi dərdi yadından çıxdı. Onun ayağına yıxılıb sevindiyindən ağladı. – Cəlalına qurban olum ay Ağa! Ağa Ustanı yanında oturdub dedi: – Ağabala mən ölüm, mənnən aran necədir? – Sənə fəda olum, əcrindir, çəkirsən! Bu sözlər ağanın belə xoşuna gəldi ki, əmr verdi huri və ğılmanlar tökülüb başladılar Ustanı qıdıqlamağa. Usta Ağabala əvvəl bir az utandı, sonra isə yavaş-yavaş açılışdı. Gördü, bunun heç eybi yoxdur; cənnət huri və ğılmanlardan ibarət idi. Bir də göz gəzdirdi, gördü ağacın dibində ala gözlü bir ğılman durub barmaqlarını əmir. Ğılmanın bu halı ustaya çox xoş gəldi. – Qadan canıma ay bala gəl yanıma! Ğılman gülümsənə-gülümsənə gəlib ustanın qucağında oturdu. Usta başını əyib «oxqay» döyə-döyə ğılmanı öpmək fikirində idi, birdən hamamın divarından köhnə bir fitə qopub düşdü onun başına. Usta Ağabala yuxudan dik atıldı. Qaranlıq hamamda heç kəs olmamağı ona təəccüb gəldi. Usta Ağabala ğılmandan ayrılmağına çox acıyıb, acığını fitədən aldı-götürüb elə yerə çırpdı ki, səs hamama düşüb gülüşməyə bənzədi. Gülüşmə Ustanı bir az qorxutdu: saqqalının tükləri xınanı deşib çıxmaq istəyirdilər. Doğrudan da qorxmalı idi: hovuza düşən su damcılarının hərəsi, bir nəğmə oxuyurdu. Divarda asılan köhnə fitələr əzdahaya dönmüşdü; hamamın sərbəndinə tökülən yumurta qabıqları, bozbaş sümükləri, qarpız qabıqları, şişməkdə idilər; yavaş-yavaş hərəsi əcayib bir insan şəklinə düşüb başlayırdılar Ustaya tərəf səfər etməyə. Usta Ağabalanın ğılman, zad yadından çıxdı. Nəfəsi bilmərrə batdı. Uşaq vaxtı nənəsi buna cinlərdən nağıl etdiyi gəldi yadına düşdü: «cinlər hamamda adamı boğarlar amma bismillah desən qaçışarlar»… Usta qiraət ilə bir «bismillah» çəkdi, bunun səsinə yüz yerdən də bismillah səsləri gəldi. Kişi lap bir yerə büzüşdü; sonra bir iki salavat çevirib şeytana lə’nət oxudu. Yüz yerdən cavab gəldi. Ustanın ürəyində elə bil kənkanlar quyu qazırdılar, tappıltısı qulağına gəlirdi, bədəni titrəyirdi. Usta Ağabala bir neçə dəqiqə yerində sakit oturub qorxusundan kipriklərini də tərpətmədi. Bunun ilə də işi düzəlmədi; hər tərəfdən bunun üstənə hücum gətirirdilər. Axırda birdən yüyürüb hovuza tullandı və dalınca da yüzlərcə adamlar tökülüb Ustaya gülməyə başladılar. Hətta bə’zisi də gözünü ağardıb deyirdi: «cənnətin qəbzini bizə ver, verməsən səni boğacayıq». Cinlərin bihəyalığından, biçarə kişi saqqalının xınasını yuyar-yumaz hovuzdan çıxmağa məcbur oldu. Amma çifayda minlərcə adamlar bunun ilə çıxdı və hamamın ortasında Ustanı araya alıb çırtıq çalıb, oynamağa başladılar. Ustanın dili daha söz dutmurdu, ayaq üstə durmağa taqəti yox idi. Biçarə kişi bircə onu bildi ki, gücü gəldikcə «vay dədə vay», deyib bihiss yerə yıxıldı. * * * IX Usta Ağabalanın hamamda başına gələn qəza və qədər sabah Veylabadın cəmi guşəsində danışıldı, bazarlarda cürə-bəcür şayiələr dövran etdi. Dedilər, cinlər usta Ağabaladan cənnətin qəbzini tələb edəndən qabaq, haman hamamın yanında, cüzamlı Abbasın vurub ağzını əyiblər; dedilər güya Əli-Əsgər-ağa müridləri inandırıb ki, cənnət qəbzi cinlərə lazım deyil: onlar hər yerə gedə bilərlər; amma elə əvvəl hamam cin yığnaqıdır. Bir dəfə də mən oradan keçəndə gördüm hamamın üstə göydən bir cüt ayaq sallanıb. Dedilər güya Əli-Əsgər ağa «ayətülkürsi» oxuyub, neçə dəfə pufluyubsə də ayaqlar çəkilməyib, sonra başmaqlarını qoyub qaçıb. Gün günü tə’qib elədi, söhbət daha da təzələndi. Hətta bu barədə məscidin hücrələrində sakin olan tullab arasında da mübahisə və münaqişələr oldu. Tələbələr iki firqəyə bölündülər; bir tərəf deyirdi ki, cin-şeyatinə cənnət qapıları açıqdır, gedə bilərlər; o biri firqə deyirdi: xeyir hər yerə getsələr də cənnətə heç və’də onları qoymazlar. Bir müctəhidin rəyinə görə onlara zəmhərir verəcəklər. Seyidlər öz hüquq və ixtiyaratlarını tələb etmək sayəsində isyan qoparıb ikinci firqəyə nəfrətlər izhar etdilər: «Biz cin-şeyatin yoldaşı olmamışıq ki, onları bizim yanımıza buraxalar. Allah zəmhəriri bizdən ötrü xəlq edib; oraya cinlər gedə bilməzlər»! Xülasə, uzun söhbətlər oldu, yenə heç kəs bu sirdən agah ola bilmədi. Tələbələr də çox mübahisə etdilərsə, bir nəticə hasil etmədilər, ancaq davaları, düşüb bir; «Ənvari-rəml» kitabı ilə vurub o birinin dişini saldı. Şayiələr yenə meydan qəsb etməkdə idi. Şəhər ağsaqqallarından birisi əlini Əli-Əsgər-ağanın imarətinin divarına vurub deyir: «and olsun bu divarlardan çıxan nuri-pakə»! Dünən gecə o hamamın yanından keçirdim. Birdə gördüm bacadan bir şey çıxdı. Uzandı, uzandı birdən gördüm dalımca gəlir. Qoydum qaçdım. Gördüm qaçdıqca gülə-gülə dalımca gəlir, qapıda yıxıldım ürəyim getdi. Dahı bilmirəm necə oldu. Məsələ yenə aşkar olmadı. Dedilər cinlər qovduğu adamın hamısında cənnət qəbzi varmış, söz getdi çatdı qaziyə, qazı-ağa buyurdu ki, doğrusu mən bu işə qarışmıyacağam. Çünkü külfət sahibiyəm, cinlərin əleyhinə bir şey desəm gecə gəlib, məni boğarlar, balalarım acından qırılar. Veylabad sakit ola bilmirdi. Camaat təmam işdən əl çəkib cənnət qəbzi məsələsinin həllinə çalışırdı. Bir gün küy düşdü ki, məşhur «Seyid Mir-Cəfər-ağa» rəməl atıb hamını bu sirdən agah edəcək. Şəhər cunbuşa gəldi. Bazar, dükən bağlandı. Camaat məhəllələrə toplanıb, gecəni sabaha dək dəstə təpdi. Sabah xəbər çıxdı ki, «Seyid Mir-Cəfər-ağa» rəməl atıb görüb ki, usta Ağabalanın hamama düşmüş «cənnət qəbzinin» ətrafına cinlər yığılıb, məsləhət edirlər. Mir-Cəfər-ağa dua gücü ilə cinləri cızığa salıb ki, daha bir də oradan çıxa bilməsinlər. Veylabadın üstə səadət günü doğdu. Şəhər bir böyük bəladan xilas olmuşdu. Mir Cəfər-ağanın qapısı tez tez açılıb xələtlər, kəllə-kəllə qəndlər, çay, quzu və iləx gətirirdilər. Ol gündən hamamın qapısı mismarlandı, qabağına zibil tökülməyə başladı. Az vaxtda hamam tamam zibilə batıb, yox oldu. * * * X Veylabad aram tapdı. Camaat öz işlərinə məşğul idi. «Cənnət qəbzi» məsələsi bilmərrə yaddan çıxmışdı, amma usta Ağabalanın ürəyində, cinlərin qorxusu hələ davam edirdi. Biçarə neçə aylar idi ki, bu dərdə mübtəla olub, evində yatırdı. Arvadı Ustanın dükənində nə qədər şey var idi, satıb, ona sərf etmişdi; bir nəticə də hasil olmamışdı: Ustanın azarı əlac-pəzir deyil idi. Külfət şiddətli günlər keçirməkdə idi: evin olan şeylərini satıb çörəyə vermək kifayət eləmirdi. Körpə uşaqlar ac və çılpaqlığa davam gətirmiyib ağlaşırdılar. Kömək gözləməli yer yox idi. Qapını açıb, girən olmazdı, hərdən arvadın əlacı kəsilib gedib, Əli-Əsgər-ağagildə qulluq edirdi və axşamlar uşaqlara çörək qurusundan, boyat bişmişlərdən gətirirdi. Bunun ilə də yaraya mərhəm olmazdı. Ustanın azarı gün-gündən şiddətlənirdi; bədəni zəifləşib gücdən düşürdü; soyuq və aclıq ürəyini üzürdü; sifətində həyat nişanəsi qalmamış idi. Bir neçə gün keçdi. Şəhərin kənar küçələrindən, üç dörd adam bir meyit aparırdılar. Qabaqlarına çıxan kişinin «ölən kimdir?» sualına, tələbə cavab verdi: «Usta Ağabala kəfşduz!». * * * Bir neçə ay da keçdi. Qış fəsli idi. Axşam çağı soyuqdan paltona bərk-bərk bürünüb bazardan keçdikdə, gördüm bir dükənin qabağında üç uşaq durub zırıldayır. Bunların yalın ayaqları, dizlərinə dək palçığa batmışdı; paltarları para-para olub, bədənləri görünürdü, səkkiz-doqquz yaşında qız, bir neçə qədəm kənarda durub, başını aşağa salmışdı. İki balaca oğlanlar əllərini açıb, deyirlər: «bizə bir çörək pulu ver. Dünəndən çörək yeməmişik, vallah acından ölürük». Uşaqlar sözlərini qurtarmamış üçü də səs-səsə verib ağlaşdılar. Bunlar usta Ağabalanın uşaqları idi. Bunları gördükdə «qəbz» məsələsi başımda təzələndi və yuxarıda yazılan hekayə tamam gəlib gözümün qabağından keçdi. * * * Kitabxana.az · https://kitabxana.az/collections/cemenzeminli-cennetin-qebzi İctimai mülkiyyət (müəllifin vəfat ili: 1943). Public domain (author died 1943). Original text only.