Hekayələr Yusif Vəzir Çəmənzəminli (1887–1943) Millətpərəstlər Məşədi Qasım günorta vaxtı bazardan evə qayıdanda gördü küçədən əli kitablı bir balaca qız gəlir. Çox zənn ilə baxıb Məşədi gördü ki, qızın müsəlman qızına çox oxşarı var. İrəli yeriyib soruşdu: – Qızım, sən kimin qızısan? Qız qızarıb, başını aşağı saldı. Məşədi Qasım diqqətlə qıza baxıb dedi: – Barakallah, qızım, yaxşı oxu, səni oğluma alacağam! Sonra Məşədi iki barmağı ilə qızın yanaqlarından tutub, bir də soruşdu: – Qızım, sən kimin balasısan? Qız cavab verməyib, atılıb qaçdı. Məşədi Qasım da yolu ilə rəvan oldu. Sabah tezdən qız məktəbə gedəndə dabbağ Kərbəlayı Babaşa rast gəldi. Kərbəlayı Babaş bir az gedib, bir az qıza zənn elədi. Axırda lap ayaq saxlayıb durdu və iki barmağı ilə qızın yanağından tutub dedi: – Buy, ədə bu kimin balasıdır?.. De görüm, ay qız, sən kimsən? Qız başını aşağı salıb, dönüb getdi. Günorta vaxtı qız məktəbdən qayıdan zaman keçəl Vəliquluya düçar oldu. Vəliqulu baqaidə qızın yanağından iki barmağı ilə tutub dedi: – Bala, sən kimin balasısan? Qız Vəliquluya acıqlı baxıb getdi. O biri gün çayçı Kərbəlayı Ramazan baqqal Hacı Qənbərlə fatihə verib qəbiristanlıqdan qayıdanda gördülər qız məktəbə gedir. Doğrusu, ikisi də lap mat, məhbut qaldılar. Xülasə, özlərini qıza yetirib soruşdular: – Ay qız, balam, kimincə qızısan? Qız qorxa-qorxa qızarmış üzünü bunlara çöndərib, döyükmüş baxanda kərbəlayı və hacı kəmali-səliqə və millətpərvərliklə iki barmaqlarını uzadıb, qızın yanağından tutub dedilər: – Barakallah, bala! Qız atılıb qaçdı. Günorta qız məktəbdən qayıdanda küçədə bir sürü “millətpərəst” kişilər durub, müzakirəyə məşğul idilər. “Hara gedir? Nə təhər qızdır?” kəlmələri danışıqlarından anlaşılırdı. Qız bunlara yavıqlaşanda hamısı üzünü qıza çevirib, onu mehriban sözlərlə yad-bud elədilər və hamısı növbət ilə barmaqlarını uzadıb, qızın yanağından tutub dedilər: – Barakallah, qızım! Qız bu səfər acıqla ağlaya-ağlaya qaçıb gəldi evə. Anası işdən xəbərdar olanda qızın kitablarını götürüb səpdi evə; məktəb libasını çıxardıb atdı sandığa və qıza bir köhnə arxalıq geydirib, oturtdu yun darağının dalında. O gündən “millətpərəstlərin” dövlətindən qız elm təhsilini ikmala yetirib, yun daramaq şəhadətnaməsini aldı. Yaşasın qırmızısaqqal “millətpərəstlər”! * * * Vətən Mənsur şeir Pəncərədən baxıram. Pəh-pəh! Nə gözəl mənzərə, nə dadlı hava!.. Başmaq seyrinə çıxmaq meylindəyəm. Paltarımı geyirəm; papağım yoxdur. Ora papaq, bura papaq?.. Papağı (eyib olmasın) bizim uşaqlar aparıb, zibil arabası qayırıblar. Xülasə, geyinib evdən çıxıram. Pəh-pəh! Nə gözəl hava!.. Həzin-həzin əsən külək ruhuma ləzzət verir, bülbül, gül... – Ay!.. Dədə!.. Çığırtı nəzərimi küçənin timçəsinə cəlb eləyir. Bir ağsaqqal o birini yaxalayıb deyir: “Atayın sümüklərini çıxardaram bacımın talağını verməsən. Bu saat ver talağı”. Vuruşma düşür, bu ona bir qapaz, o buna birini, bu da ona birini. Börklərdən toz qalxır, çuxaların büzmələri cırılır... Xülasə, gedirəm. Hava mənə bilməzsən nə ləzzət verir. Rəngbərəng yarpaqlar ağacdan üzülüb, havada min naz və qəmzə ilə fırlananda bilməm könlüm nələr diləyir. Pəh-pəh! Nə dilfirib mənzərə! Az qalıb təbim də gəlsin, indicə şer də deyəcəyəm... – Hay! Vay!.. Vay fayton!.. Dönüb görürəm qırmızısaqqal bir kişi hamamın qabağında yumurtası tərs gəlmiş toyuq kimi oyan-buyana vurnuxub çığırır. – Nə olub? Cavab verirlər ki, bəs arvadı həcəmət altında qəşş eləyib. Xülasə, gedirəm. Pəh! Göyün rəngi, səf-səf durmuş buludların günəşin qızıl rəngi ilə münəvvər olmaqları bilməzsən ürəyimdə nə... – Adə qoyma!.. Vur! Tut!.. – sözlərini eşidib, dik atılıram. – Nə olub? Bəs oğul atanın təzəcə kürkünü aparıb qumara qoyub uduzub; ata da onun qoparağını götürüb, istəyir bir az əzikləsin. Gedirəm, ətrafın gözəlliyi yadımdan çıxmır: gün dağın arxasında gizlənməkdədir, sərin hava, həzin külək... Pəh-pəh! Nə məlahətli... – Vay!.. Aman! Necə olacaq?.. – Nə olub? Bəs orucluqda azarlı üstə rus həkimi gətiriblər, evdə qab-qaşığı murdarlayıb... Xülasə, gedirəm qaranlıq düşür, toyuq, xoruz dimdik-dimdiyə verib tut ağacının budağında yatıblar, itlər çəkiliblər hinlərinə, eşşəklər ağacın dibində uzanıb sükuta varıblar. Pəh-pəh! Nə gözəl ömür, nə sadəlik, nə... – Vay öldüm! Adə öldüm! Çığırtı küçə ilə bir oldu. Başmaqları qoyub yüyürürəm. Bir də görürəm bir ağsaqqal cavan arvadının saçından yapışıb, çomaq ilə şapbarlayır. Tez-tez ovcuna tüpürüb çomaqdan çırpır, ovcuna tüpürüb vurur. Xülasə, hava çox gözəl idi. Göyün buludları azca qalmışdı məni ilhamat aləminə çəksin, azca qalmışdı... – Part, part... Bir cavanı güllə ilə vurub yıxdılar. – Balam, bunun günahı nə idi? – soruşduqda cavab verdilər: – Nə olacaq, bunun babası iyirmi il bundan qabaq vurub Məşədi Hüseynin əmisi nəvəsini öldürmüşdü. İndi öldürən də Məşədi Hüseynin nəvəsidir. Kişi qana qan elədi, qisas ki, qiyamətə qalmayacaq idi. Tər məni basır. Çünki mənim də ulu babam, deyirlər, bir adam öldürmüş imiş. İndi, dedim, bir adam da çıxıb onun əvəzini mən yazıqdan alacaq. Qorxumdan yıxılıram, ürəyim gedir. 1909 * * * Hərrac Böyük sərvət və mülk sahibi Hacı Kərim iki gün əvvəl vəfat etmişdi. Arvadı Gövhər dörd qızını və beş yaşındakı oğlunu başına toplayıb, Hacının ortalığa tökülmüş paltarlarına baxaraq ağlayırdı. Ağıçı da hərdəm yanıqlı bir ağı dedikdə evi hönkürtü götürürdü. İki cilo ağlaşıb, ağıçı uzaq məhəllələrdən gəlmiş arvadlara mərhumun səxavət və kəramətindən rəvayət etmədə idi ki, birdən həyətə üç-dörd cavan girdi. əvvəl cavanların gəlməsinə əhəmiyyət verilmədi, lakin onların qız qaçırmaq meylində olduqları göründükdə arvadlar bir-birinə dəydi! Gövhər özünü qızların üstünə atıb, dəhşətli səslə çığırdı. Əlləri tapançalı cavanlar otağa girdilər, qaba bir surətdə Gövhəri kənar edib, böyük qızı götürmək istədilər. Qız anasına sarılıb çığırdı. Gövhərin əllərini tutdular, qızı ondan zor ilə aralayıb, qapıya doğru sürüdülər. Qara saçları bir-birinə qarışdı. Köynəyinin bir tərəfi cırılıb, vücudu çölə çıxdı. Cavanlar qızı qaldırıb, birinin arxasına qoydular. Qışqırıq hönkürtüyə qarışdı. Apardılar. Qız uzaqlaşdıqca səsi də yavaş-yavaş qulaqlardan çəkilməyə başladı. Gövhər özünü küçəyə atdı, qızdan bir nişanə görmədi. Başından yapışıb, hissiz bir halda yerə yıxıldı. Bir də qalxdı: – Ay qardaşlar, balamı kim apardı? – deyə soruşduqda, qızı aparan dabbağ Cavadın oğlu “dələduz” Həsən olduğu bəlli oldu. Bu hadisə şəhərin hər bir guşəsində danışılanda Şırım Ballı cəhrə üstə əllərini göyə qovzayıb, Allahdan belə istiğasə edirdi: – Pərvərdigara, deyirlər “kor leyləyin yuvasını allah tikər”; bəs mənim bu oğlumun yuvasını niyə tikmirsən? Ağsaqqal vaxtında dükanların qabağında boşbikar dolanıb işə getmir. Şırım Ballının duası müstəcəb oldu: gedib Hacı Kərimin yerdə qalan qızlarından birisini götürüb, qaçmağı Allah-təala ona təlqin etdi. Ballının oğlu “Vicə” Qasım bir neçə arqadaşları ilə bərabər hücum edib, Hacı Kərimin qızını qaçırdılar. Gövhər küçəyə çıxıb, qızı çox izləməmişdi, bir də eşitdi ki, üçüncü qızını şirni ilə tovlayıb aparmışlar. Günorta vaxtı Gövhərin qohumları yığılıb dərdləşirdilər, “olacağa çarə yoxdur” deyə fəlsəfə yürüdürdülər. “Qismətdən artıq yemək olmaz” deyirdilər. Bir də hacının bacısı Mina sükutdan aralanıb, başını dik qovzadı: – Vallah, bu mənə qardaş dərdindən də artıq oldu, – dedi, – xalqın fikri budur ki, mənim arzum gözümdə qalsın!.. Yox!.. Burada Minanı yaş boğdu, gözlərini yaylığı ilə qurutdu, özünü bir az toxdadıb, sözünə davam etdi: – Gözümü böyük qıza dikmişdim, o qismət olmadı. Deməli, qismət bu imiş! – deyə kiçik qızı qucaqladı. Hər kəs onu heyrətlə nəzərdən keçirdi. Minanın hərəkətini dəli olduğuna həml etdilər. Lakin Mina dəli olmamışdı; qızı qapıdan çıxardarkən deyirdi: – Qardaşımdan mənə bir pay da düşməz? Apararam, böyüdərəm, oğluma alaram... Hacı Kərim iki gün idi ki, vəfat etmişdi. O günü qazı onun dörd qızına da əqd oxuyub, ruhunu şad etdi. O biri gün “yaxa bağlama”dan sonra təzə yeznələr hacının evinə yığılıb, cehiz davası edirdilər. “Vicə” Qasımın tərəfindən anası gəlmişdi. 1910 1905-ci İL Köhnə imarətin yuxarı mərtəbəsinin pəncərəsindən uzun bığlı və zəhmli bir baş çıxıb, neçə dəfə “Alı, Alı” deyib çağırdı. Səsə artırmanın altında at axurlarının qabağında uzanan nökər Alı öz-özünə belə cavab verdi: – Boğazına biləyim, ay Məhəmməd Səfi ağa! Elə bilirsən qədimki zaman kimi, çağıranda səsinə baş üstə gələcəyəm?! Xeyr, o zaman getdi! İndi bəyin sözünə bir qəpik verən yoxdur!.. Alı bu fikirləri başından keçirib, saman çuvallarının üstə o yan-bu yana çöyrükdükdə Məhəmməd Səfi ağa bir də başını pəncərədən çıxarıb çığırdı: – Alı, Alı! Axmaq oğlu axmaq, haradasan, səni çağırmıram? Alı yenə bəyin səsinə etina etməyib, öz-özünə deyirdi: – Daha indi mən də ayılmışam, boğazını cırsan də gəlməyəcəyəm... Bizi xam tovlamışdın, il uzunu işlədib, bir qəpik də vermirdin; kefinə də yaramayanda baş-gözümü əzirdin... Daha indi bəy-zad dəbdən düşdü!.. Məhəmməd Səfi ağa bir az səbir eləyib, xidmətçi qızı onun dalınca göndərdi. Alı qıza da cavab verdi ki, mən bəy-məy tanımıram, özüm də elə bir bəyəm! Məhəmməd Səfi ağa bunu eşitcək yerindən dik atılıb, əvvəl otaqda dəli kimi o yanbu yana yüyürdü və sonra divardan tüfəngi götürüb, qapıdan ildırım kimi çıxdı. Güllü xanım ərinin nökəri öldürmək xəyalında olduğunu gördükdə bərk qışqırıq saldı və səsə qonşu otaqlardan bəyzadələr çıxıb, Məhəmməd Səfi ağanın əlindən tüfəngi aldılar: – Ay kişi, nə olub, Alı nə edib? Bircə de, biz özümüz onu öldürək! Məhəmməd Səfi ağa bəyzadələrə cavab vermədən boğunuq səslə “buraxın!” deyə dartındı. – A kişi, axır nə olub? – Heç zad! Alını öldürəcəyəm! – Bəy dartınmaqdan əl çəkmədi. Güllü xanım bəyzadələri işdən xəbərdar elədi. Cavan bəylər Alının “nəməkbəharam”lığını bilib, cəld pilləkəndən aşağı düşdülər. Bir dəqiqədə Alının belinə on yerdən təpik döşəndi, o qədər döydülər ki, ağzının-burnunun qanı bir-birinə qarışdı, baş və gözündə sağ yer qalmadı. Alı gördü ki, bunu “xurd-xəşil” etməmiş əl götürməyəcəklər, yalvarmağa başladı: – Ay bəy, atam sənə qurban! Qələt eləmişəm, başımı daşın yekəsinə döymüşəm, günahımdan keç. Məhəmməd Səfi ağa “Bundan ürəyim soyumayacaq, kəndir gətirin!” – deyib, qamçını əlinə aldı. Kəndir gətirdilər. Alını ağa həyətə çəkdirib, tut ağacına bağlatdı. Alı yenə: – Ay bəy, vallah, məni yoldan çıxartmışdılar, daha indi çıxmaram. Məhəmməd Səfi ağa Alının sözlərinə etina etməyib, qamçı ilə onu doyunca döydü və bir də oğlanlarına döydürdü, bir də dübarə özü döyüb, qayıdıb evə gəldi. Alı qanına bələşmiş o günü ağacdan asılı qaldı, gecə də qaldı, sabah da orada idi. Axırda necə oldu onu bilmirik. Ancaq ondan sonra şəhərdən kəndə oxumuş cavanlar gəlib bəy və ağaların əleyhinə sözlər danışıb, rəiyyəti “yoldan çıxardanda” rəiyyət cavanlara belə cavab verirdi: – Qardaş, qoyun yerimizdə rahat oturaq, siz Allah, bizi də Alı yolu yollandırmayın! 1910 * * * Ağ buxaqda qara xal Çağırram hay da verməz, Bədəsil fayda verməz; Ağ buxağın altından Bir öpüş pay da verməz. Bayatı Məşhəd məscidlərinin birindən camaat dəstə-dəstə çıxıb dağılırdı. Yolun o tay-bu tayında hasar təşkil edən dilənçilər, kor və şillər, qolları kəsilmiş cahıl və ahıllar camaatı əhatə edərək sədəqə diləyirdilər. Dilənənlər arasında bir çox rübəndli qadınlar da vardı. Bunların bəzisi kişiləri: “Ağa, siğə mixahi?” – deyə yan küçələrə doğru izləyirdi. Kimi qadınların təkliflərinə razı olaraq, arxalarınca gedir, kimi məna verməyib, onlardan uzaqlaşmağa çalışırdı. Kənardakı hovuzun yanında uca boylu, ağ rübəndli bir qadın durub, gözlərini məscidin qapılarına dikmişdi. Yenə xalq məsciddən axın-axın çıxıb, yan küçələrə yayılırdı. Bir də, məscidin qapısında qara xətli, ipək cübbəli, gənc bir mərsiyəxan göründü. Məğrur bir halda sağ tərəfə yönəlib, nəleynini geydi və iki əli ilə tirmə sarığını düzəltdi, sonra gümüş başlı əsasını müceirdən alıb, yavaş addımlarla məscidin səkisindən aşağı enməyə başladı. Hovuzun kənarında duran qadın bunu görər-görməz arxasınca getməyə başladı. Mərsiyəxan dar və əyri küçələri birər-birər keçərkən qadın da onu təqib etdi. Tənha bir timçədə qadın mərsiyəxana yanaşıb durdu. Mərsiyəxan da ayaq saxladı. – Bacı, mənə görə qulluq? – dedi. Qadın titrək və narın bir səslə: – Ağa, qulluq deyil, şəriəti-peyğəmbərdir. Məni özünə siğə etməni xahiş edirəm. Təklif mərsiyəxanı heyrətə gətirmədi–siğə və mütə İranda kök atmış ən adi bir dini adətdir. Buna baxmayaraq mərsiyəxan “yoxsa məni lotular əlinə salmaq istəyir” – deyə düşündü. Qadın bir az da cəsarətli: – Ağa, məni Xorasanın başqa qadınları kimi gündə neçə kişiyə mütə olan qadınlardan bilmə. Xeyr! Mən bu gün səni mənbərdə ağlayan gördüm. Məhz imam yolunda kirpiklərindən axan yaşların məftunu olaraq sənə siğə olmaq istədim. Bəlkə bunun səbəbinə Allah təala günahlarımı bağışlaya! Mərsiyəxan xanımın sözlərinin doğru və şəri olduğunu bilirdi, lakin getməyə cəsarət edə bilmirdi, çünki lotular əlinə keçmək ehtimalı qüvvətli idi. – Nəcibə xatun, mənim siğəyə ehtiyacım yoxdur, şəhərimizdə həm əyalım, həm də siğə kənizlərim var – deyə mərsiyəxan əslifikrini gizlədərək xanımın məramını anlamaq istəyirdi. Qadın ciddi səslə: – Ağa, bir günlüyə siğə et, yarım günlüyə et, bunu da istəməsən, nə eyib edər, bircə saatlığa et ki, tutduğum və qıldığım halala çıxsın! Xanımın şirin və etimadkar səsi mərsiyəxanın mühakimələrinə qələbə çalmağa başladı. Çırpınan ürəyi əqlin zəncirindən qurtararaq mərsiyəxanın əndişələrini pərdələdi. Artıq bir söz əlavə etmədən xanımın arxasınca düşüb getdi. Çox çəkmədən xanım böyük bir darvazanın önündə durdu. Darvaza açıldı, mərsiyəxanı əlvan çiçəkli bağçanın rayihəsi qarşıladı. Gözəl xiyabanlardan keçib, əndərun dairəsinə gəldilər. Xidmətçilər bunlara nəzakətlə təzim edərək, nəqşkar bir otağa gətirdilər. Pəncərələrin rəngarəng şüşələrindən içəri düşən işıq gözəl xalılara, ipək püştə və mütəkkələrə xarüqələr bəxş etmişdi, lumu ağacları və çiçəklər bu mənzərəni bir qat daha süsləmişdi... Xanım rübəndini qaldırmayaraq, mərsiyəxana yer göstərdi. Bir də qapı açıldı, xidmətçi qadın əlində aftafa-ləyən içəri girdi. Mərsiyəxan əllərini yuyub, silindi. Bu gedər-getməz bir xədim zənci gəldi, bürünc sinidə mavi bir gülabdan gətirdi, mərsiyəxanın önündə diz çökərək, büt kəsildi. Mərsiyəxan gülabdanı alıb ətirləndi. Zənci nəzakətlə çıxıb getdi. Xanım qapını qapayıb yerində durdu. Mərsiyəxan xanımın məramını anlayaraq siğə duasını oxumağa başladı. “Qəbultü!” – deyər-deməz xanım rübəndi və çarşabı atıb, mərsiyəxanın qarşısında cilvələnməyə başladı. Qara çatma qaşları, uzun kirpikləri, ağ buxağındakı qara xalı... ox olaraq mərsiyəxanın ürəyinə batmağa başladı. O, heyrətindən içini çəkərək: – Xudaya xudavənda! Bu nazənin sənəm huriyi-rizvanmı?.. Bu sərv qamət, bu cazibəli gözlər, siyəh danə... Bunlar röyamı? – deyə məst oldu. Xanım arxasında qoşa hörüklərini oynadaraq qapıya doğru getdi və iki dəfə: – Bəşir! Bəşir! – deyə çağırdı. Zənci qapının arxasında hazır durmuş kimi haman içəri girdi. İri bir məcməi gətirib mərsiyəxanın önünə qoydu və cəld yox oldu. Mina kuzənin altına çiçəklər və yarpaqlar döşənmişdi, yanında iki büllur qədəh, dürlü məzələr və çərəzlər vardı. Xanım mərsiyəxanla yan-yana oturub, şam kimi barmaqları ilə kuzəyə yapışdı. Şiraz şərabı qədəhlərə doldu. Eyş nəşəsi mərsiyəxanı qanadlandırdı. Sarığını çıxarıb kənara qoydu və yaldızlı araqçınını düzəldib, büllur qədəhə yapışdı. “Guşeyi-xərabata” sadiq bir “pir müğan” kimi qədəhi minnətdar bir hal ilə qaldırdı və: “Bibadə bəhar xoş nə başəd, Bigül ruxi-yar xoş nə başəd... – deyə beytin sonunu bitirməmişdi ki, xanım: “Baqi gülü mül xoşəst, leykin Bi söhbəti-yar xoş nə başəd!” – deyə beyti tamamladı. Sonra dodaqları ilə qədəhin kənarına yanaşıb daddı və qədəhi mərsiyəxana verib, onunkunu alıb içdi. Şərab ətrindən məst olmuş dodaqlar bir-birinə qovuşdu. Dadlı bir yoxluq müvəqqəti olaraq onları dari-fənadan ayırdı... Qədəhlər yenidən doldu. Eyş məclisi canlandı. Xanımın tar çaldığını mərsiyəxan heç də gözləməzdi; tar gəldi, xanım köksünə basdı, mərsiyəxan da zümzüməyə başladı... Şərab, musiqi və incə dilbər nəşəsinə bir də lumu və çiçəklərin rayihəsi qarışıb, mərsiyəxanı məst etmiş, səhər bülbülü kimi nalələri ilə otağı doldurmuşdu. Arabir susur, alovlu gözləri ilə qadını süzür, gülgün badə ilə qurumuş dodaqlarını isladırdı. Xanım da şərab ətri saçan dodaqlarını ona uzadır – qəlb çırpıntıları busələr qucağına atılıb onlar da məst olurdu... Dəqiqələr keçir, sanki qərinələr dolanır. Günəş rəngin şüşələrdən içəri əlvan zolaqlar buraxır, xalılar min bir rəng çalır... Mərsiyəxanın titrək əli xanımın hərarət saçan belini qucur, o biri əli naşı ovçu kimi, mərmər sinədə dolaşır, məst dodaqlar ağ buxaqdakı qara xala qovuşur... Yenə dəqiqələr illərə, illər qərinələrə qarışıb itir, iki qəlb, iki vücud dadlı bir yoxluğa dalır... Ayılırlar. Mərsiyəxan xumarlanmış gözləri ilə xanımı süzür... – Xanım – deyir, – bu nə sirdir, anlat görüm?.. Sən kimsən, nəkarəsən? Hansı əfsanənin pərisisən? Anlat, hüsnünün əsiri olub bitirəm. Xanım totuq əli ilə pərişan zülflərini qızarmış üzündən dağıdıb, ona həsrətlə baxır, susur. Uzun kirpikləri arasında odlu yaşlar parlayır: – Sən əsir deyilsən – deyir, – mən əsirin olub yanıram. Sənin ilk mərsiyəni dinlədikdə gözəl səsin bütün varlığıma hakim oldu, sızıltılı bir saz kimi təranələrini daşıyıb durdum. Səsin gecələr yuxumu, gündüzlər rahatlığımı əvəz edirdi. Yer, göy, bütün kainat bir xoş səda olaraq məni oxşayır, eyni zamanda da için-için inlədirdi... Nəhayət, cəsarətləndim; mənə xudbin hisslər gəldi, o səs mənim olacaq dedim. Mərsiyəxan özünü xanımın qucağına atdı... Xanım sona kimi sıçrayıb, mərsiyəxanın qucağından qaçdı və qəhqəhə ilə: – Molla, məni günaha batırdın: siğənin müddəti çoxdan tamam olmuşdur. Tez ol, geyin, get! Mərsiyəxan dizi üstə sürünərək, xanımı otaqda izləməyə başladı: – Gözəlim, günah nə deməkdir – mənəviyyatın ən dadlı nemətlərindən deyilmi?.. Buralar bir cənnət, qədəhlərdə abi-kövsər, sən hurim, ağ buxağın bir kitabi-şərif səhifəsi, xalın ismi-əzəm!.. Qoy o xalı bir də öpüm, qoy doyunca öpüm!.. Mərsiyəxan irəlilədikcə gözəl ondan uzaqlaşıb, qəhqəhəsində davam edirdi: – Olmaz! Qırxıq baş kişi, olmaz! Eşqində məni yandırdın, odladın; uzun gecələrimi göz yaşları ilə bəzədim, həsrətdən bağrım lalə bağrı kimi yandı... İndi qoy səninki də yansın! Eşq dərdini asanmı sandın? Mərsiyəxan sıçrayıb xanımı qucdu, lakin xanım yenə ondan buraxılıb qəhqəhə ilə kənara çəkildi. Mərsiyəxan hirsindən gözlərinin yaşını töküb yalvardı: – Ayüzlü gözəl, zalimlikdən nə çıxar? Eşqin yolunda can verirəm, ağ buxaqda qara xalın dəlisi, divanəsiyəm. Vallah, billah, dəlisi olmuşam! – Ol, molla, ol, bəlkə qəlbimdən çıxıb məni eşq odundan qurtarasan!.. Mən də sənin yolunda az can verib, az göz yaşı axıtmamışam!.. Gözəl sözlərini qurtarmamış hönkürüb ağladı. “Allah-əkbər, bu nə qəribə iş!” – deyə mərsiyəxan heyrətə daldı. Yalvarırdı, ağlayırdı, ayağına yıxılırdı, yenə xanıma təsir bağışlaya bilmirdi. – Gözəlim – dedi, – bu əmmaməm, bu quranım – hamısını o qara xalın yolunda ayağına tökürəm! Göz yaşlarımla qədəm qoyduğun torpağı isladıram... Rəhm qıl, məni eşq sevdasına yandırma! – Yox, olmaz! Mən yanan kimi sən də yanacaqsan!.. Görürsənmi bu qara zülfü, xalı, bu şux sinəmi... Bunları bir daha görüb bağrına basmayacaqsan; öpüb göz yaşları ilə islatmayacaqsan!.. Get, get! Ağ buxaqda qara xalın illərcə həsrətini çəkərək, mən odlanan kimi, sən də odlan! Sən xal de, buxaq de, ağla; mən da mərsiyəxan, xoş səsli mərsiyəxan deyib ağlayım. Ağlayaq da, bir-birimizi yad edib, həsrətdə yanaq... * * * Ağarmış saçları çiyninə tökülmüş, pərişan saqqallı bir qoca yalın ayaqları ilə toz qopararaq, dar küçə ilə gedirdi. Əynindəki paltar solmuş, yıpranmış, qiyafəsindən hansı silkə mənsub olduğu belə sezilmirdi. Qoca gedir, ayaq saxlayır, əllərini ölçə-ölçə düşünür, göz-qaşını oynadır və özözünə “yuxu idimi?” deyə sual verib, yoluna davam edirdi. Qoca bu yolları illərdən bəri dolaşır, bu yollarda illərdən bəri dəyişiklik olmayan kimi, qocanın da hərəkətində dəyişiklik yox idi. Yalnız getdikcə qocalıb, beli bükülürdü. Qoca yavaş-yavaş gedib bir darvazanın qabağında durdu. Yenə illərdən bəri gördüyü kimi qapalı idi. Ağacların budaqları darvazanın tağının üzərindən sallanaraq sakit durmuşdu. İllərdən bəri şahidi olduğu hal. Ancaq bəzən bu ağaclar yarpaqlı, bəzən yarpaqsız olurdu. Yazda çiçək açırdı, hədsiz arılar onun başına fırlanıb, vızıltı qoparırdı. Bu qədər. Bu neçə ildə o darvazadan bir adamın girib-çıxdığını görməmişdi. Adəti üzrə qoca saatlarca bu darvazanın qarşısında gözlərdi. Bu dəfə də gözlədi. Lakin girib-çıxan olmadı. Yenə əllərini ölçərək düşündü, qaş-gözünü oynatdı və öz-özünə “Yuxu idimi?” – deyə sual verib, yoluna davam etdi. Axşam qoca hücrəsinə qayıtdı. Bu dəfə hücrənin havası onda soyuq bir ümidsizlik doğurdu: ürəyi sıxılır, gözlərindən yaş süzülürdü. Başını divara söykəyib oturdu. Onda tühaf bir nəşə oyandı – uzaq keçmiş gözlərinin qarşısında canlanmağa başladı. Sanki hücrənin küncünə göydən bir nur endi, ətraf işıqlandı, mina bardaqlar və büllur piyalələr düzüldü; hər yer çiçəklərlə bəzəndi, incə tar səsi eşidildi... “Yuxumu?” – deyə qoca yerində qımıldandı: – Gəl, gəl, sənəmim, gəl! Göz yaşları olub yollarına səpildim! həsrətdən alov olub yandım!.. Ağ, incə geyimli gözəl küncdə dayanmışdı. Qara saçları ağ gərdənini qaplamışdı. İri gözləri hüzn saçırdı, sanki: “Bilirmisən, molla, eşq dərdində yanıram, odlanıram!” – deyirdi. Qoca dəli kimi sıçrayıb, gözəlin ayaqlarını qucaqladı. – Eşqimlə yan, dedin, yandım! Həsrətlə dolandım. Xal dedim, buxaq dedim, odlandım. Bütün həyat və nəşəmi göz yaşlarında boğdum. Axırda səni tapdım... İndi yenə o səfalı dəqiqələr gəldi, yenə nazlı gözələ qovuşdum. Yenə ağ buxaqda qara xal ruhumu oxşayır... Bilirmisən, gözəl, qara xalın dəlisiyəm, dəlisi, divanəsi! Rəhm qıl, qoy bir də o xalı öpüm, qoy doyunca öpüm!.. Qoca gözəlin ayaqlarını qucub hərəkətsiz qalmışdı. O biri səhər onu hücrədə bu vəziyyətdə də buldular. Soyuq meyit əllərini qoynuna qoyub, dizi üstdə küncdə qalmışdı. 1910 * * * Həkim – Ay həkim, başına dönüm, bizdə bir azarlı var, tez gəl, bir ona bax! Deyəsən, allah eləməmiş, lap qarışıb. – Nəyidi? – Həkim, dünən üç-dörd girvənkə noxud-kişmiş yeyib, ondan bəri lap tirtap uzanıb. – Yəqin tox qarına özünü soyuğa verib. Yeri gedək görüm, haradadır? Həkim başmağının nalını daşa vurub taqqıldada-taqqıldada ortaboy, papağının qırağı getmiş bir kişinin yanına düşüb bazar aşağı sallanıb getdi. İrəliki gün həkimə arvadı tapşırmışdı ki, toyuqlar həyətdə xoruzsuz qalıb, onlara nə təhər olsa bir xoruz tapsın, bir də düşsə hananın qabağında taxt qurmaq üçün bir-iki tirbaşı alsın. Həkim arvadının sözünü yaddan çıxartmamışdı – gedə-gedə bazara zənlə baxırdı ki, görsün harada xoruz, ya tirbaşı gözünə dəyər. Yaxşı oldu ki, kəndlilərin yüklərində həm xoruz, həm də tirbaşı tapıldı. Həkim arvadının tapşırığını yerinə yetirə bildi. Tirbaşının birini yanındakı kişiyə verib, birini də özü çiyninə aldı və xoruzun da ayaqlarından sallayasallaya yola düşdü. Həkim azarlı olan otağa girəndə tirbaşıları və xoruzu küncə qoyub, köhnə keçənin üstə salınmış döşəkçədə əyləşdi. Naxoş bərk iztirabda idi. Qurumuş dodaqlarını açıb, ağır-ağır nəfəs alırdı. Həkim əvvəl onun başına baxdı, istisini yoxladı, sonra əlini yorğanın altından uzadıb azarlının qarnını əlləşdirdi və dedi: – Özünü soyuğa verib, üstünə yorğan-döşək tökün, tərləsin, sabah da bir dəst müshil verərəm qurtarar. Papağının qırağı getmiş kişi indiyə kimi əllərini çuxasının qoluna qoyub, divarın dibində durmuşdu və həkim danışdıqca başını tərpədirdi. İndisə yerindən cəld sıçrayıb, cır səsi ilə çığırmağa başladı: – Xoruz qaçdı! Odu, vallah, indicə rəfə atılacaq! Həkim ağzını yuxarı tutub, kişinin cır səsinə və xoruzdan gözlənməyən hünərə şaqqıltı ilə gülməyə başladı: – Zəmanə elə dəyişilib ki, xoruzlar da bijləşib! – deyə qəhqəhəsində davam etdi. Papağının qırağı getmiş kişi ilə bərabər xoruzu otağın bu küncündən o biri küncünə qovaladıqda xoruz atılıb rəfdəki qabları tökdü. İçəri, qırılmış qabların cingiltisinə üzü örtülü bir arvad girdi və qabları parça-parça otağa səpilmiş gördükdə əvvəl bir az mırıldandı, sonra onları yığışdırıb, naxoşun başına fırladı və “azar-bezarını aparsın” deyə eşiyə atdı. Xoruzu tutdular və ayaqlarını əriş ilə bağlayıb, yenə küncə qoydular. Həkim getməyə hazırlanırdı. Ev sahibləri həkimdən çox razılıq etdilər: – Qədəminə qurban olum, ay həkim, qoy gədə yaxşı olsun, gör sənin xəcalətindən necə çıxacağıq; ömrümüz olanı sənə qulluq edəcəyik! Üzü örtülü arvad divarın dibindəki sandığı zınqıltı ilə açdı və bir cüt dolaq, bir tumanbağı və bir araqçın çıxarıb, həkimin qabağına qoydu. Bu da həkimin həqqəlqədəmi idi. Həkim şeyləri cibinə qoyanda gülümsündü–görünür paydan razı qalmışdı. Razılığını bildirmək üçün barmağını xəstəyə tərəf uzadıb dedi: – Heç zadı yoxdur, üstünü basdırın, tərləsin, sabah da gəlib baxaram. Həkim əbasının qolunu geydi və iki əli ilə uzun börkünü başına basıb, tirbaşının birini bir çiyninə aldı, o birisini qoltuğuna vurdu və xoruzun da ayaqlarından tutub, sallaya-sallaya otaqdan çıxdı. Əyri küçələrin birində bir çarşablı qadına rast gəldi. Qadın onu görcək yoldan kənar çıxıb durdu: – Həkim, başına dönüm, bir bizə buyurun, azarlım var – dedi. Getdilər. Bir aralıqdakı qapı açıldı, həyətə girdilər. Böyük tut ağacları baş-başa vermişdi, kənarda ləbədə, keşniş, kəvər və tərxun ləkləri gözə çarpırdı. Uçuq pilləkənlə çıxıb otağa girdilər. Qazanlar, qablar səliqə ilə üst-üstə qoyulmuş, ortadan pərdə çəkilmişdi. İkinci otaq olduqca döşəli və bəzəkli idi. Həyətə baxan pəncərənin qabağında bir yataq salınmış, üstündə 25–26 yaşlarında solğun sifət, dolğun bir qız oturmuşdu. Yanında başqa bir qadın da vardı. Qadın həkimi görcək yaşmanıb ayağa qalxdı, qız isə çəkinməyərək, həkimə diqqətlə tamaşa edirdi. Həkim tirbaşıları və xoruzu küncə qoyub, gülümsünərək xəstənin yatağına yanaşdı: – Heç bir şeyin yoxdur, yəqin anana nazlanırsan, – dedi; qızın nəbzinə baxdı, əlini başına qoydu: – Bir şey görmürəm, nəyidir? Heç kəsdən səs çıxmadı. Qız əvvəlki kimi, gözlərini həkimin üzündən çəkmirdi. Baxışı həkimə olduqca qəribə görünürdü; dəyişməyərək hüzn və həsrət saçırdı. Həkim küçədə rast gəldiyi qadına tərəf yönəldi: – Ana, – dedi, – harası ağrıyır? Qadın bir şey deməyə utanırmış kimi, bir az da yaşmandı və yavaş səslə: – Həkim, başına dönüm, bu elə azardı ki, hərdən bir tutur... görürsən, başladı özünü döyəşləməyə, qollarını, əllərini dişləməyə... Bilmirəm, qız haradan bu bəlaya rast gəldi?.. Həkim xəstəni diqqətlə süzdü–baxış yenə həmin baxış idi. Qızın dolğun, ağ biləyindən yapışıb, bir az əlində saxladı. Qız bu dəfə diksindi, rəngi daha da soldu, bütün vücudu əsdi. – Ərə getmişmi? – On günün gəlini olub. Sonra qayınana yola verməyib... Həkim qıza eşitdirməyərək: – Ana, – dedi, – qız sazandama olub, ərə getməlidir. Ortalığı dərin bir sükut bürüdü. Hamı yerə baxıb düşünürdü. Yalnız qız həkimi süzərək, əvvəlki baxışında davam edirdi. Həkim bu baxışın fərqinə varıb, artıq kefli kimi idi. Qızın biləyini əlindən buraxmayaraq həyəcan içində düşünürdü: “Nə olar ki, peyğəmbərin şəriətidir– biri var, biri də olsun...”. Həkim düşüncədən ayrılıb, oynaq bir səslə: – Ana, – dedi, – qızını lap yaxşı elərəm. Arxayın ol. Ancaq bir şərt var... Bunun cəmi ixtiyarını mənə verəcəksən! Qadın məmnun bir halda: – Nə deyirəm, ay həkim, bunu bu dərddən sağalt da... – Arxayın ol! – deyə anaya ürək verdi və qızın əlində saxladığı biləyini o biri əlilə oxşayaraq: – görürəm, anana naz eləyirsən, qorxma heç bir şeyin yoxdur. Həkim küncdəki xoruzu qadına verərək zarafatla: – Ana, bu xoruz dualı xoruzdur, axşama plov bişirib, bu xoruzu da başına qoyarsan. Axşam sizə qonaq gələcəyəm, qızın məsələsini təfsilatilə danışarıq. Hələ ki, sağ olun! Hamı məmnun qalaraq həkimə baş əydi, qız isə heç də dəyişilməyən əvvəlki baxışı ilə həkimi təşyi edirdi. 1911 * * * Dərdli Züleyxa Yarımişıq bir otaqda çarpayıdan on altı-on yeddi yaşlarında bir arvad qalxdı. Zarıldaya-zarıldaya çırağa doğru gedib, işığını çoxaltdı və sonra həyətə tərəf pəncərədən zəif və sızıltılı bir səslə çağırdı: – Sənəm bacı, ay Sənəm bacı. Ay qız, vallah, ölürəm, bircə gəl! Qonşu Məşədi Həsənin arvadı səsə oyanıb, durdu: – Yenə nə olub, ay Züleyxa, başına dönüm, yoxsa azarın qalxıb. – Ay qız vallah, sancıdan ölürəm! Sənəm söylənə-söylənə gəldi: – Pis oğul əkənin atası zirbəzir olsun! Degilən, köpək oğlu, arvadı azara salandan sonra yalnız damların altında atıb gedəcək idin, niyə evlənirdin? Züleyxa dolmuş gözlərini Sənəmə döndərib yenə: – Ay qız, axır ölürəm. Vallah, bax, ölürəm, nəfəs ala bilmirəm. Sənəm Zuleyxanı bu halda görüb, doluxsundu və ağlamağını bildirməmək üçün üzünü divara döndərib, əlinin dalı ilə göz yaşlarını sildi. – Ay başına dönüm, mən nə qayırım, a tifil, axır mən başıma nə kül töküm... Yenə gətir dalını ovum, görüm nə təhər olur. Sənəm Züleyxanın dalını ovmağa başladı. Sonra çəkib, başını dəsmal ilə bağladı. İkisi də pəncərənin qarşısında durub, sükuta daldılar. Bir az keçmiş Züleyxa zarıldaya-zarıldaya: – Ay qız, Sənəm bacı, vallah, ölürəm, sancı öldürür. – Başına dönüm, mənim əlimdən nə gələr? Azarı həkimə göstərərlər, hər dərdin bir davası olar, mənim, bacı, əlimdən nə gələr? Yenə bir az sükuta getdilər, yenə Züleyxanın zarıltısı yeni bir söhbətə səbəb oldu: – Canımı azara saldığı bəs deyil, tək-tənha damlar altına tullayıb, gecə sübhə kimi də gəzir, il uzunu dərd çəkirəm. – Ay qız, kiri, sən allah! Yaxşı kişinin etibarına... İndi bu zəmanədə kişi hayanda idi?! Qadam hamısının ürəyinə! Adamın öz canı. Səninki köpək oğlunu görmürsən, gələn kimi canını azara salıb, davadərman da eləmək istəmir. Deyəndə ki, köpək oğlu, azarlısan, özünə müalicə elətdir, bir kişinin qızını da bədbəxt eləmə, acığı da tutur ki, mən hayandan azarlı oldum... – Ey, ay Sənəm bacı, nəyi qoyub, nəyi danışırsan, azarı gözünə girsin, döyməsin, söyməsin, damlar altında atıb getməsin, qoysun öldüyüm yerdə ölüm. Züleyxa sözünü qurtarıb, gözlərini doldurdu. Sənəm hirsli: – İraq canından, başına dönüm, ölür özü ölsün, xoryat yosunlu. Sən nə günahın yiyəsisən, tifil, fəqir. Bir ildir gəlin gəlmisən, hələ səni şad görməmişik, həmişə azar ilə əlləşmək, Allahın yazığı, dərd çəkməkdən gül kimi solmusan. Burada Sənəmi yaş boğdu, özünü saxlaya bilmədi – Züleyxanı qucaqladı və hönkürtü ilə gözünün yaşını axıtdı. Züleyxa da başını onun sinəsinə söykəyib, rəngsiz yanağından odlu damcılar töküldü. Bu hal neçə dəqiqə davam etdi. Xoruzlar banlaşdılar. Gecə saat üçü vurdu. Sənəm Züleyxanın əlindən tutub, çarpayıya yaxın gətirdi. Bacı, – dedi, – axır yenə yatmasan rahat olmayacaqsan. Züleyxa Sənəmin cavabında zarıltı ilə: – Ölürəm... bir tərəfdən qızdırma, bir tərəfdən sancı, ölürəm, vallah!.. – Ölməzsən, qurban olum, yat, rahat ol, mən də yenə lazım olsa gələrəm. Züleyxa hıqqıldaya-hıqqıldaya yatacağın üstə yıxıldı. * * * İnsan həyatında güclük çəkirsə, onda həmişə keçmişi xatırlar, unudulmuş vəqələri, hafizədən silinmiş nöqtələri zehnində canlandırmağa çalışıb, ondan bir xoşluq duyar, təsəlli tapar. Keçmiş ağır olsa belə, yenə hal-hazıra üstün tutular. Züleyxa da çarpayıda uzanıb, əzab çəkərkən keçmişlə məşğul idi. Unudulmuş günləri xatırlayır, hər bir nöqtəsini təhlil edir və qibtə ilə düşünürdü. “Nə gözəl günlər varmış” – deyə köksünü ötürürdü... Bir tikə qız vaxtından evin cəmi işləri Züleyxanın üstə tökülmüşdü, sübhdən axşamadək işlərdi. Yun darardı, cəhrə əyirər, xana toxuyardı, su daşıyar, ev süpürüb, bişmiş bişirərdi, paltar yuyub, uşaq saxlardı... Gecə də olcaq yavandanyağlıdan yeyib, dinməz-söyləməz, ağrısız-acısız başını qoyub, yatardı. İl uzunu beləcə işlər, evdən çölə çıxmazdı. Həftədə bir dəfə anası ilə cümə hamamına gedərdi. Bu gün Züleyxa üçün böyük bir əyləncə günü idi. Hamamda qızlar ilə görüşər, bol-bol danışar, hər kəsin geyiminə, üzərindəki zinətlərə diqqət edər və evə gəldikdə təfsilatı ilə söylərdi. Hamam onun üçün tükənməz bir mövzu təşkil edərdi: gördüklərini anladarkən nəşələnər,parlaq bir təbəssüm üzünə yayılardı... Adətən bayram qabaqları işləməzdilər. Cəhrə və yun daraqları yığılar, bir tərəfə qoyulardı, ev tökülər, palazlar çırpılar, anası ilə bərabər evin divarlarına şirə çəkib ağardardılar. Hələ novruza və axır çərşənbələrə hazırlanmaq daha da böyük bir maraq təşkil edərdi. Züleyxa tonqal qalayıb, “ağırlığım, uğurluğum tökül” deyərək üzərindən atılardı. Sonra bir əlində bir cam su, o birində yeddi açar darvazanın arxasında durub çərşənbə deyişərdi. Ötüb keçənlərin söylədiyi ilk sözləri eşidər-eşitməz qaça-qaça anasının yanına gələr, yozdurardı. Bir gün küçədəkilərin biri müsahibinə söz arasında “yaman günün ömrü az olar” demişdi. Züleyxa bu sözləri eşidərkən nə qədər sevinmişdi. Özü ilə bərabər bütün ailəsi də bu cümləni fali-xeyir bilib sevinmişdilər... Zatən anası Züleyxanı “sayəli” hesab edərdi. Odur ki, təzə ay çıxanda gözlərini yumub, Züleyxanı yanına çağırar, əvvəl onun üzünə, sonra aya baxıb salavat çevirərdi... Anası sınamışdı, belə edərkən, o ayı başdan-başa xoş keçirərdi. Bir dəfə axır çərşənbə axşamı bir badya su qoyub, “vəsfi-hal” saldılar. Anası badyanın başında oturub, çocuqlarından nişanə aldı. Züleyxa nişana olaraq mücrüsünün açarını vermişdi. Anası nişanələri badyaya salıb dedi: “Güzgünü atdım bayıra, Şövqi-şəfəqi çayıra. Yığılın, qohum qardaşlar, İşimiz dönüb xeyirə”. Bu bayatıdan sonra arvad əlini badyaya saldı, ilk əlinə gələn Züleyxanın açarı oldu. Hər kəs heyrət ilə onun üzünə baxıb, səadətinə qibtə etdi... O gecə sabahadək Züleyxa sevincindən yatmamışdı... Bir də Züleyxa sancıdan ilan kimi qıvrılıb, yatağında o üz-bu üzə çevrildi. Başını qaldırıb, ətrafa qulaq verdi – heç bir yerdən hənirti gəlmirdi. Qaranlıqda ürəyinə vahimə çökdü. Bir də kilsə zəngi saat dördü vurdu. Xoruzlar banlaşdılar. Züleyxa yatağından qalxıb, çırağa tərəf gəldi. Yenə xodunu qaldırıb, hıqqıldamağa başladı. Dağınıq fikirli gözlərini ətrafa gəzdirdi, masanın üstündəki güzgüyə rast gəldi... Sifətinin dəyişilməsinə heyrət etdi: bənizi qaçmış, dodaqları qansız, çökəyə düşmüş gözlərinin dörd tərəfi qapqara yanmışdı. Bir də sancı şiddətləndi. Yenə pəncərəyə doğru yüyürüb, həzin bir səslə çağırdı: – Ay Sənəm bacı, ay qız, axır, vallah, yenə sancı məni öldürür... Sözlərini qurtarmamış Züleyxa başını qollarının üstə salıb, bihiss qaldı.. * * * Qapı döyülərkən günəş çoxdan çıxmışdı. Züleyxa qapıya yanaşdıqda arxasından ərinin mırıltısı eşidilirdi: – Gərək qapını iki saat döyək ki, gəlib açasan. Züleyxa ərinin sözlərinə etina etməyərək qapını açdı və hiddətli üzünü yerə dikib, geri dönmək istədi. Əri bundan dilgir olub qaba əli ilə Züleyxanı itələdi: – Köpək qızına bax, – dedi, – mənə elə bil qatır satıb. Züleyxa hirslə döndü: – Yox, sən mənə qatır satmısan! Azara saldığın bəs deyil, damlarda yalqız qoyub gecələr sabaha kimi gəzirsən, hələ üstümə də çığırırsan!.. Allah bu zülmü götürməz!.. Dərd çəkməkdən çərləmişəm. – Dilinə bax, dilinə! Bihəya köpək qızının ağzını cırsam ürəyim soyumaz! – deyə kişi irəli yürüdü, arvadı küncə basıb, o ki, var döydü. Günəş yuxarılara çıxmışdı. Züleyxa otağın bir küncünə qısılıb, zar-zar ağlayırdı, əri də uzanıb, qeydsiz bir halda xoruldayırdı. 1911 * * * Yuxu – Get yat, bədbəxt fəqir! Sənin dərdin məni lap çərlədib! – deyə ana, qızı Fatmanın arxasınca zənn ilə baxıb, başını mütəkkəyə söykədi: – Get, yat, aşıb daşmış fəqir! Hamı ərə gedib, ev-eşik sahibi oldu, bircə sənin bəxtin bağlandı. Döşün-başın çıxıb, ata dönmüsən!.. Niyə də çıxmasın, azacıq yaşın yoxdur ki, – bu orucluq da gəlsə on doqquza girirsən... Xudaya-xudavənda, şükür!.. Fatma yatacaqda uzanıb anasının sözlərinə qulaq verdikcə, ah çəkib yastığı islatdı. Öz-özünə deyirdi: Şükür Allaha, hayana çıxıram, deyirlər sən kimdən pissən ki, dindirib, danışdıranın yoxdur?–Ay Allah, məni yaradınca bir qara daş yarada idin!.. Fatma öz-özünə çox deyindi, ağladı. Axırda yoruldu. Gündüzün yorğunluğu da bir tərəfdən kədərlərinə qələbə çaldı: gözləri yavaşyavaş yumulmağa başladı. Bahar idi. Fatma alaqaranlıqdan durub, yun daramadan əvvəl həyətə getdi. Bədmüşk açmışdı, gözəl qoxuyurdu. Fatma budağın birini əyib qoxuladı. Sonra günəşin ilk şöləsindən parlayan üst budaqlara tamaşa etməyə başladı. Bu əsnada çəpərin arxasından bir səs gəldi: – Ay qız, ay yaxşı bala, bircə bura bax! Fatma dönüb, məşşatə Anaxanımı yolda gördü. Anaxanım güləgülə Fatmanı çəpərə çağırdı: – Qızım, mənim kimi xanan yoxdur ki, niyə belə tezdən durmusan. – Biz də xana qayırırıq. Bu həftə quracağıq. Anam yatıb, dedim, durum bir az yun darayım. – Qızım, maşallah, yetişmisən, anan səni niyə ərə vermir? Saxlayıb nə edəcək? Fatma qızarıb, başını aşağı saldı. Məşşatə bir az da çəpərə yanaşdı: – Bacı, – dedi, – adamın ağlı başında olmalı. Bilirsən, ana özü üçün, ata özü üçün, qardaş da yad bəxtidir. Ortalıqda qalan həmişə qız uşağı olur. Ata adama həmişə çörək verməz – özünə gün ağlamalısan. Fatma qızarmış üzünü qovzayıb, məşşatəyə zənn ilə baxdı və yavaş səslə dedi: – Xala, mən nə qayıra bilərəm... Onlar gün ağlamalıdır... Son sözləri Fatma ürək çırpıntısı ilə söylədi. Bacı, görürsən onlar gün ağlamırlar. Gəl mən səni padşah balası kimi bir oğlana ərə verim, get, vaxt ikən ev-eşik sahibi ol. Qalmaqdan nə fayda? Fatma məşşatənin üzünə bir də baxıb, fikrə getdi... * * * Axşam çağı idi. Fatma anasından gizli yuyunub, geyinmişdi. Məşşatə qısıla-qısıla çəpərin altına gəldi və bir-iki dəfə bərkdən öskürüb keçdi. Fatmanın ürəyi döyündü. Bu iş ona tühaf görünürdü. İçində bir tərəddüd hüsula gəldi – istədi yüyürüb anasına bütün sirri açsın, digər tərəfdən cazibəli bir qüvvə onu qapıya doğru sürükləyirdi. Bir dəqiqə çəkmədi, Fatma evdən çıxıb, məşşatəyə qoşulub getdi. Fatmanın atası qızının qoşulub qaçdığını eşitcək pristavı götürüb, qız aparılan evin qapısını kəsdi. Fatmanı qapı qonşudan yığma qızıllarla bəzəmişdilər: araqçının qabağında qızıl pilək, boynunda mərcan, inci, qızıllı şəvə, döşdə gərdənbənd, yaxalıq; kürdisində düymələri və ətəyində qırx əşrəfisi var idi. Fatma bunları özününkü zənn edirdi. Öz-özünə düşünürdü: “Bir qız bir oğlanındır” deyirdi: “qismətdən artıq yemək olmaz” – mənim də qismətim pis çıxmadı: evi, qızılı, dövləti, özü subay bir oğlandır. “Kor nə istər – iki göz, biri əyri, biri düz”. Odur ki, pristav gəlməsin, ondan böyüyü gəlsin, Fatmanı zor ilə gətirməmişdilər, özü gəlmişdi. Fatma atasına da bu cavabı verib, geri qaytardı. Kəbin kəsilib, toy oldu... Fatmanı bir uçuq daxmaya gəlin gətirdilər. Heyhat, kişinin burada bir ayrı arvadı da var imiş! Elə ilk gecədən evdə dava-şava başlandı. Yengələr hərdən bir sevinə-sevinə zifaf otağına yüyürür, bir də üzlərini turşudub, geri qayıdırdılar: “Biz elə bildik görəsən nə olub, demə hələ dava eləyirlər” deyirdilər. Xülasə, “duvaq qapma” gününədək gəlinin üç dişini saldılar. Ay ötdü, il dolandı, Fatmanın cəmi qızılları çəkilib sahiblərinə getdi. Ona qalan bircə günü, bir də boş damlar oldu. Kişi bazara gedəndə günülərin əlinə fürsət düşürdü: bir-birinin cıbırığını çəkirdilər. Kişi axşam evə qayıdanda arvadları üzləri cırılmış, başları yolunmuş görürdü. Bir gün “fələk Fatmaya kəm baxdı”, biçarə azarladı. Altı ay davam edən xəstəlik Fatmanın üzünü soldurdu. Bütün gənclik təravətini qaib etdirdi. O gündən etibarən gününün dili uzandı: “Bicins idi, tez xarab oldu” deyə hər an, hər dəqiqə ərinə qandırdı: – Görürsən, mən şirin nar köküyəm, döyürsən də, söyürsən də, yenə gün-gündən kökəlib, necə yaxşılaşıram?! Kişi baxdı gördü, doğrudan da, əvvəlki arvad gün-gündən yaxşılaşır: ağ-çağ olur. Məhəbbəti tamamilə ona keçdi, Fatma bilmərrə nəzərdən düşdü: hər gün ikitərəfli döyülüb söyüldü. Belə bir həyatın davamı qabil olmayacağını Fatma gözəlcə bilirdi. Evdə qulluqçuluqdan başqa bir vəzifəsi olmayan, ən adi hörmətdən məhrum olan Fatma çıxacaq yolu aramağa başladı. Atası evinə qaçmağa cürət etmirdi: atası onu çoxdan qızlıqdan çıxarmışdı. Fatma babasının yanına qaçdı; babası onu görər-görməz ağzına gələni söylədi: – Sənin namusun olsa mənim qapıma gəlməzsən, itil gözümün qabağından, çəngi! – deyə qovdu. Fatma babasının sözündən incimədi. Qərib bir quş bir budağa sığınan kimi, sığınıb qaldı. Dindirmədilər, turş sima göstərdilər, acı və tənəli sözlər söylədilərsə də hamısına səbir elədi. Dinməz-söyləməz bir halda öz işlərinə qurşandı. Bir gün Fatma hamama paltar yumağa gedərkən ərinə rast gəldi. Bir dəqiqədə bədəninə qorxu çöküb, yerindən tərpənməz oldu. Əri onun qolundan yapışıb dartdı, apardı. Fatma çığırdısa da səsinə gələn olmadı. Evə girər-girməz kişi xəncəri divardan aldı. Sonra bir az düşünüb, yerə atdı. Fatmanı saçlayıb, yerə yıxdı və bihuş olana qədər döydü: – Ərini bəyənməyən arvadı belə edərlər! – dedi, – bu sənə dərs olsun! Fatma əvvəlkindən daha fəna günlər keçirməyə başladı: günüsü zadəgan xanımları kimi oturub, əmrlər verir, Fatmanı işlədirdi. Səhərdən axşama qədər çalışan Fatma doyunca yeməz, lazımınca geyinməzdi; aylarca hamam görməyib, kir içində çürüyürdü. Belə bir həyata davam edər və səbir kasası dolduqda ərinin ayaqlarına yıxılıb, göz yaşları axıdar, yalvarardı: – Mən evdə bir şey yiyəsi deyiləm: döyülürəm, söyülürəm, arvadlığım yox, məni niyə buraxmırsan? Axır, yazığam, bu qədər zülm olmaz ki, mən çəkirəm!.. Allah xatirinə, məni qul hesab elə, başına dolandır, azad elə! Fatma yalvardıqca əri hiddətlənirdi, onu yenidən incitməyə başlayırdı. Fatmanın faciəsindən anası xəbərdar idi. Tez-tez gəlib xəlvətcə Fatmanı qapıya çağırır, yemək, paltar gətirirdi: – Qızım, – deyirdi, – ananın əlindən ah-zardan başqa nə gələr? Allah dədənə insaf versin! Dədə dədə olsa, ərin səni incidərmi? Həmişə yiyəsizin başına dünya dar olar!.. Bir də Fatma özünü qazının qapısında gördü. Gözlərindən yaş süzərək deyirdi: – Ay ağa, başına dönüm, məni balalarının başına çevir, kağızımı al! Ağa, qulun olaram, qapının iti olaram, məni bu kafirin əlindən qurtar. Qazı fikirdə idi. Fatmanın göz yaşlarını görüb halını anlayırdısa da, şəriətin rəsmi hamisi olduğunu da unutmurdu. – Qızım, – dedi, – ər arvadın sahibidir. O izin verməyəndə, məndə nə ixtiyar var. Yenə ərinin yanına dönməkdən başqa bir çarə yoxdur... Fatma yenə ərinin yanında idi. Ömrü yenə əvvəlki qaydada keçirdi. Günü yeyir, geyir, gəzir; Fatma da evi idarə etmədə, günüsünün çocuqlarını saxlamaq kimi zəhmətlərə davam etmədə idi. Tay-tuş içinə çıxmaz, şad gün gördüyü yox, ev adamları ilə də deyib danışmazdı, söyüş, qarğış, danlaq mühitində can çəkişdirirdi. Onu əri ayda bir dindirməzdi, günü də belə. Onların hər bir arzularını Fatma özü dərk edərək, vücuda gətirməli idi –bişmiş vaxtında bişməli, ev vaxtında yığışılmalı idi, – yoxsa Fatmanın sümükləri əzilirdi. Fatma bir də gördü əri onun başını yarıb, qanı axır. Gecənin yarısı çıl-çılpaq küçələrə düşüb, özünə sığınacaq yer arayır. Hərdən əlini başına sürtüb, al qana bulaşmış bir halda ay işığına tutur, şikayətlənirdi: – Ay Allahı sevənlər, – deyirdi, – mənə bir yazığı gələn yoxmu? Vurun ölüm, bəlkə yaman kişidən qurtarım! Gecənin tənhalığında Fatmanın səsinə səs verən yox idi. Qan yalnız alnında deyil, sanki sınıq qəlbindən də için-için axır, bütün varlığını qərq etmədə idi. Ruhiövzanın tərcümanı olan göz yaşları qana qarışaraq yanağı aşağı tökülürdü... Fatma bir də gördü əri xəncər əlində yüyürür, biçarənin nəfəsi kəsildi, taqətsiz bir halda divara söykənib qaldı... Bir axşam Fatma qaçıb evlərinə təpilmişdi, atasının ayaqlarını qucaqlayıb deyirdi: – Dədə... yemişəm! Qələt eləmişəm! Günahımdan keç! Məni öldür, bir də ərə vermə. Qoy öz qapımızda ölüm. Bax, sümüyüm yanıb, on ildir cəhənnəm çəkirəm!.. Kişi qəbul etmirdi: – Get, – deyirdi, – mənə it-qurda qoşulan namussuz qız lazım deyil! Fatma ağlayır, anası da bir tərəfdə yaş töküb, qəşş eləyir... Fatma bir də görür yenə əri evindədir. Yenə eyni həyat: döyüş, söyüş, göz yaşı, qüssə... Yenə əri vurub dişlərini salır, başını yarır. Fatma qocaldığını duyur, başı ağarıb, üzü qırışıb... “vay cavanlıq!” deyə qışqırır... Fatma qışqırıb, dəli kimi yataqdan qalxdı. Dan yeri sökülürdü. Ətrafında yatmış ata-anası xoruldayırdılar. Fatma gördüyü yuxunun təsirindən hələ yenə də titrəmədə idi. 1911 * * * Mərsiyəxan Pəncərədən düşən işıqdan məsciddəkilərin başları işıldayırdı. Möminlər börklərini yerə qoyub, yaşlı gözlərini mərsiyəxana dikmişdilər. Mərsiyəxan bir də bir neçə nərə çəkib, tutqun səsi ilə çığırdı: – Hələ çox ağlayacaqsan! Gərək gözləriyin təvşehi kəsilə! Bu sözlərdən xalq kövrəlib, daha da ağladı, səs məscidin tağlarına düşüb, dəqiqələrlə cingildədi. Sonra yavaş-yavaş sakitlik düşdü. Möminlər dəsmallarını gözlərinin qabağından götürüb qaldırdılar və turş sifətlərini yenə mərsiyəxana çevirdilər. Mərsiyəxan əlini qurşağına uzadıb, cəld bir torba çıxartdı. Məscid ərəsati-məhşərə döndü... Hamı ağlayır, hamı başına yumruq döşəyir, dizlərinə çırpır. Mərsiyəxan mənbərdə ayaq üstdə durub, möminlərin başına saman yağdırırdı, zəngulə ilə mərsiyə deyir, kiriz verirdi. Hönkürtüdən qulaq tutulurdu – müsəlmanlar ağlamaqdan yarımcan olmuşdular, oruc da bir tərəfdən ürəklərini üzmüşdü. Bir də məscidi dərin bir sükut qapladı: mərsiyəxan qəşş eləyib, mənbərdən aşağı diyirləndi... Möminlər mərsiyəxanı çevrələmişdilər: hacılar mübarək barmaqları ilə onun yaxasını açıb, döşünə su səpirdilər, mülkədarlar ayağını ovurdular; kərbəlayı və məşədilərə növbət yox idi. Axşam yavaş-yavaş düşürdü. İftar yaxınlaşırdı. Xalq məsciddən çıxıb, evlərinə gedirdi. Hacılarsa mərsiyəxandan əl çəkməyib, onu qonaq çağırırdılar. Dərd burasıdır ki, mərsiyəxan kimə qonaq gedəcəyini kəsdirə bilmirdi. Hərə öz tərəfinə çəkirdi – bu günün savabından məhrum olmağı heç kəs istəmirdi, çünki mərsiyəxan bu gün olduqca sədaqətlə mərsiyə demiş və sədaqət, səmimiyyətdən də qəşş edib, narahat olmuşdu. Müamiləçi Hacı Vəli əlini sinəsinə qoyub, səmimi bir səslə: – Ağa iftara bizə təşrif buyuracaqsınız! Ağa Əkbər etiraz edərək: – Yox, vallahı, qoymayacağam ayrı yerə getsin! – Ağa çoxdan bizim çörəyimizi yeməyib. Məşədi Qəzənfər: – Bizim çörəyi heç yeməyib! – deyə istədi mərsiyəxanın qolundan yapışsın, hacılar macal vermədi, bəlkə bir az da ona acıqları tutdu: bura “məşədi girəsi kol deyil idi”. Çox söhbətdən sonra xoşbəxtlik Hacı İmamverdiyə üz verdi. Yola düşüb getdilər. Mərsiyəxan, neçə molla, ümdə müridlər, qapıçılar, fanus götürənlər, v sahibi Hacı İmamverdi və başqaları yerə salınmış böyük süfrənin kənarında oturub, azanı gözləyirdilər. Hərənin əlində bir xurma, yanında qəlyan, çubuq, ya papiros dinməzsöyləməz gözlərini yerə ikmişdilər. Hövsələlərinin təng vaxtı idi – aclıq bir tərəfdən, tütün ə tənbəki nəşəsi də başa vurmuşdu. Möminlər tez-tez saata baxıb, ğızlarını marçıldadırdılar. Göyün qızartısı çəkilirdi. Müəzzinin nazik səsi eşidildi. Haman ibritlər alovlandı – çubuqların, papirosların tüstüsü qalxdı, qəlyan xoruldadı. Yavaş-yavaş gümüş qaşıqlar da stəkanlara dəyib cingildədi. Mərsiyəxan qəlyanı qurtarıb, çaya şüru etdi; hazirunun gözü onda idi – nəyə meyli olduğunu bilmək istəyirdilər... Duydular: neçə yerdən ona fətir təqdim olundu; ətrafına qaymaq, bal, pəşmək, qorabiya, paxlava və başqa şirnilər düzüldü. Mübarək əllər fətiri kəsdi, pak dodaqlar aralanıb, onu içəri ötürdü. Hil, mixək, zəfəran və sair ədviyyənin qoxusu damağına çökdü. Mərsiyəxan ləzzətdən bihuş oldu. Hacı İmamverdi nökəri çağırıb, əmr verdi: – Niyə bişmiş gətirmirsən? Tez ol, ağanın iştahası qaçar! Qapılar açıldı, behişt nemətləri içəri daşındı: ceyran kababı, qırqovul çığırtması, qəlyə, bozbaş, işgənəkabab, qaysava, tərək; alma, armud, üzüm, heyva, nar, əzgil... Hacı İmamverdi doğadan bir boşqab töküb, mərsiyəxana uzatdı: – Mən iftarı doğasız aça bilmirəm, buyurun meyl edin, görün nə yeməli şeydir. Qırqovul suyunda bişmişdir. Mərsiyəxan ədəblə yerindən bir az qalxdı, doğanı alıb, yenə oturdu: – Bəh! Bəh!.. Əhsən! Doğrudan da qışın bu vədəsində doğa çox türfəndə şeydir. İltifatınız artıq olsun! – Ağa, qırqovuldan meyl buyurun, onu maxüsus sizin üçün tapdırmışam. Özünüz bilirsiniz ki, xatiriniz mənim yanımda necə mənzurdur. Mərsiyəxan yenə yarı qalxıb, qırqovulu aldı. Hacı ixlaskarlığında davam edərək: – Vallahı, hərgah cənabınıza canım, malım, ya balalarımın canı lazım olsa, müzayiqəsi yoxdur! Mərsiyəxan gülümsənib, xeyir-dua verdi... İftar davam edirdi, yenə nökər cürbəcür bişmişlər daşımada idi. Sanki hər şey yerində, heç bir qayğı gözə çarpmırdı. Lakin dışarıdan gələn bir səs ahəngi pozdu. Hacı İmamverdi qulağını şəklədi, nökər gəlib ona bir şeylər pıçıldadı, yenə dışarı çıxdı. Səs daha da şiddətlə eşidildi. Nökər gəlib yenə Hacıya bir şeylər pıçıldadı, Hacı həyəcanlanıb qalxdı. Lakin Hacının getməsi də səsin önünü ala bilmədi – səs daha aydın eşidilməyə başladı, mərsiyəxanın adı tez-tez çəkilir və töhmətli sözlər belə qollanırdı. Bir az sonra Hacının da səsi ucaldı: – Rədd ol buradan, həyasız! Sən düz-əməlli arvad olsan iftar vaxtı qapılara düşməzsən! – Mən sənin iftarına möhtac deyiləm. Mən o imansız mərsiyəxanın yanına gəlmişəm. Mən onun kəbinli arvadıyam, bu uşaq da onundur. Mərsiyəxanın rəngi qaçıb, boğazı qurumuşdu. Dərin bir sükuta dalıb düşünürdü. Məclisdəkilər də yeməkdən əl çəkib, heyrətə dalmışdılar. Qovğa səsi getdikcə yavıqlaşırdı. Bir də qapının ağzında qucağı uşaqlı bir arvad göründü, çarşabının bir ucunu dişlərinə tutub, gözləri ilə məclisi seyr etdi; mərsiyəxanı görüb qışqırdı: – Ay imansız köpək, adam da arvadı aldadıb qaçarmı? Bildir orucluqda məni aldın, dedin özümlə səni aparacağam. Sonra xəlvətcə İrana qaçırsan, məni də burada avara qoyursan? Arvad hirslə irəliləyib, qundaqlı uşağı süfrənin ortasına atdı və elə bir sürətlə dönüb getdi ki, hər kəsi yerində dondurdu. Məclisi dərin bir sükut qaplamışdı. Hər kəs nə edəcəyini şaşmışdı. Bu əsnada yalnız əli doğaya bulaşmış çocuq, barmaqlarını əmərək gülümsəyirdi. Çocuğun bu laqeyd vəziyyəti Hacı İmamverdinin istehzasına səbəb oldu; o, mərsiyəxana tərəf yönəlib dedi: – Amma, öz aramızdır, bu vələdizina çox bic uşağa bənzəyir! Hacının sözləri məclisə nəşə gətirdi. 1912 * * * Yeni bir aləm Həsən çəkməsini ayağından dərin bir iztirabla çıxardıb, altına diqqətlə baxmağa başladı: gönü daş tamam aparmışdı; daban da əldən düşmüşdü. Həsən çəkməni o biri üzünə çevirdi: üst tərəf də vecdən çıxmışdı; neçə yerdən çatlamışdı. Tələbəni fikir apardı – “Evdən aldığım 25 manatın səkkizi otaq, səkkizi nahar; qalanı sabah və axşam xörəyi, kitab pulu və xırda xərclər... Çəkmənin yırtılması hesabı dolaşdırır...” dedi. Həsən baxıb gördü çəkmənin yamanması azından iki manat edəcək, iki manatı da tapmaq qeyri-mümkün idi. “Müsibət adama üz verəndə hər tərəfdən verər” – deyə Həsən düşündü. Qorxdu. Qulaqlarında bir cingilti hüsula gəldi; qeyri-şüuri bir halda əlini şalvarının arxa tərəfinə ehmalca uzatdı... Heyhat!.. burada da əli çilək kimi nazilmiş mahuda dəydi. Tələbənin iztirabı bir az da artdı – oturub bir müddət dinməz qaldı. Dayanmaq yeri deyil idi: Həsən küncdə divara sancılmış iynəni götürdü, masanın qutusundan sap çıxardıb sapladı və barmağına üskük taxıb, şalvarın arxasını diqqətlə büzələməyə başladı. Bir iynə vurdu, boşa çıxdı – mahud nazilmişdi, sapı saxlamırdı. Həsən ikinci iynəni bir az geridən vurdu və deşiyi yavaş-yavaş büzüb daraltdı. Axırda Həsən şalvarı bir az özündən uzaq tutub baxdı; pis deyil idi – qara sap gözə çarpırdısa da, yırtıq tutulmuşdu. Məsələnin bir tərəfi, müvəqqəti də olsa, həll olundu. Həsən bir az sakit olmuşdu, bir də gözü təkrar çəkməyə sataşdı; ürəyi yenidən xarab olmağa başladı. Həsəni yenə fikir götürdü: yamaq pulunun tədarükü mühüm bir məsələ olaraq qarşısında durdu. Həllini düşündü, yollar aradı. Dərs tapmaq mümkün deyildi, qulluq yox idi; qazanc yolları hər yerdən bağlı idi. Evdən də 25 manatdan artıq gözləyə bilməzdi. Çəkmə də mülahizələrə tabe olası deyildi. Tez yamanmalı idi; yoxsa daha da çox xərc istəyəcəkdi. Öz-özünə: “Çəkmə yamanmalı, – dedi, – buna söz ola bilməz, ancaq dərd pul dərdidir. 25 manat balalamaz; bu təğyirə uğramaz bir mənbədir. Yalnız bunu başqa cür sərf etməlidir... Yeməyi bir az azaltmalı. Sabah çayının pendirindən vaz keçməlidir... Başqa çarə yoxdur”. Məsələ həll olunmuşdu – Həsən çəkmə pulunu iki aya qədər ödəyə biləcək idi. * * * Yan küçədə sınıq-sökük darvazaya çəkmə şəkilli iri bir lövhə çalınmışdı. Həsən darvazadan içəri gircək gözləri sağ tərəfdəki ikimərtəbə evin taxta sütununa vurulmuş və zirzəmini göstərən bir kiçik dəmir parçasına sataşdı; üzərində qaba çəkilmiş bir çəkmə şəkli var idi. Həsən irəlilədi. Toz və zibilli həyətdə köhnə god və paslı tənəkələr arası ilə keçib, üfunətli pilləkənə yanaşdı. Həsən çürük və laxlaq pillələrlə aşağı endikcə rütubət iyi damağına çökməyə başladı. Bir az sonra ümumi üfunətə bir də qovrulmuş soğan qoxusu qarışdı. Qaranlıq koridora girdikdə qoxu daha da artdı. Sol tərəfdə alçaq bir qapı var idi, çatlaqları solğun cındırlarla tutulmuşdu. Dəstək əvəzinə bir kəndir qırığı asılmış qapını açıb içəri girdikdə Həsəni tüstü və üfunət bürüdü. Yarıişıq, dar bir otaqda beli əydənli, geniş dazlı çəkməçi alçaq masasının arxasında oturub, yamaqla məşğul idi. Küncdə həmli bir arvad sobanın üstündə xörək bişirirdi. İki çəlimsiz körpə çirkli çarpayının üstündə oynaşırdı... Rəngi qaçmış və güclə nəfəs alan qadın hərdən bir çocuqlara çəmkirirdi. Sınıq şüşələrinə kağız yapışdırılmış kiçik pəncərənin qarşısında uca bir divar olduğu üçün otağa az işıq düşmüşdü və çöldən gəlib, qaranlığa hələ alışmamış Həsən ilk dəfə heç şeyi açıq görə bilmədi və çəkməçiyə yanaşmaq istərkən ayağı döşəmənin üzərindəki köhnə çəkmələrə ilişdi. Çəkməçi gözlüyün üstündən Həsənə baxdı və gülümsünərək, salamını aldı; yer göstərdi. Həsən oturdu və dərdini deməmiş çəkməçi adəti üzrə onun ayaqlarını nəzərdən keçirdi. – Çıxardın, baxım, – dedi. Həsən cırıq corabını göstərməmək üçün çəkməsini masanın kölgəsində çıxartdı və ayağını cəld gizlədi. Çəkməçi çəkməni aldı, çöndərib, o tərəf-bu tərəfinə baxdı, baş barmağı ilə altını və yanlarını sıxdı, dedi: – Altı dəyişilməli, yanlarına kiçik yamaq lazım; içi də sökülüb, tikilmək istər. Çəkməçi söylərkən Həsən iztirabla hesabladı və edam qərarı gözləyən bir müqəssir kimi çəkməçinin son sözlərini gözlədi. Çəkməçi sözlərinə daha bir şey əlavə etmədi: çəkməni masanın üstünə qoyub susdu. Həsən özünü zorlayaraq: – Neçə edəcək? – deyə sordu. Çəkməçi ehmal səslə: – Səkkiz abbası, – dedi. Həsənin ürəyindən bir ağırlıq düşən kimi oldu; nədənsə həm sevindi, həm də cəsarətləndi; bazarlıq yapmağa qalxışdı: – Altı abbası olmazmı? – dedi. Çəkməçi başını işindən qaldırmayaraq, mehriban bir təbəssümlə dedi: – Olmaz. – Yeddi olsun. Çəkməçi cavab vermədi, gözlüyünün üstündən tühaf bir nəzərlə tələbəyə baxdı, sankı “imkan yoxdur” demək istəyirdi. Həsən də israr etmədi; anlaşdılar. – İndi qoysanız, axşam hazır olar. – İndi qoya bilmərəm, çünki geyməyə bir şeyim yoxdur. Çəkməçi yenə gülümsündü: – Yaxşı, oturun qayırım. Həsən təbiətən bədbin və hövsələsiz bir adam idi, çəkməçinin yanında keçirdiyi bu yarım saatda müşahidə etdiyi mənzərə onu bədbinliyin bir az da dərinliyinə tulladı. Fikrini acı-acı mülahizələr məşğul etməyə başladı: “Dünyada anlamadığım hikmətlər var: qarşımda oturan bu çəkməçinin yaşamaqdan nə məqsədi olduğu da bu hikmətdən biridir. Bu zindanda doğulmaq, bu zindanda da ölməkdən məna varmı? Həmişə ac, həmişə çılpaq, həmişə zəhmətdə can vuruşdurur. Divara hopan rütubət vücuda çökmüş, rəngini saraltmış; yəqin fikir və zəkasını belə çürüdüb, kiflətmiş”. Həsənin hövsələsi daraldı. Quş qəfəsdə çırpınan kimi çırpınıb qalxdı. Başı hərləndi, bir də oturdu. Çəkməçi müvəqqəti olaraq işdən aralandı, yenə adi təbəssümü ilə gözlüyün üzərindən tələbəyə baxıb gülümsündü. – Sıxıldınız, deyilmi? – dedi. Həsən bu suala heyrət etdi, lakin çəkməçini məyus etməmək üçün cavab arasa da, tapa bilmədi. Bir az düşündü və hikmətini anlamadığı məsələlər onu rahat buraxmadı. İstər-istəməz dilləndi: – Bağışlayın, – dedi, – dünyada anlamadığım bir çox məsələlər var. Bunların ən başlıcası həyatın məqsədidir. Çəkməçi gülümsündü və işini tərk edərək, ciddi bir sima ilə dedi: – Həyatın məqsədi böyükdür, çox böyükdür. Lakin bu məqsəd əlan güclülərin əlində əsirdir. Əsarətdən qurtarılarsa, nə qədər gözəl və böyük olduğu hər kəsə bəlli olar. Həsən çəkməçinin fikrinə etimad etmir kimi: – Əsarət qurtararmı, deyirsiniz? Həyat hər kəs üçün əlverişli olarmı? Çəkməçi böyük bir inamla: – Olar! – dedi, – lakin mübarizə lazım. Dünyada mübarizə qarşısında heç bir şey dura bilməz! – Hansı vasitələrlə? Hər şey onların əlində. – İman vasitəsilə!.. Bu gün sizə möhtəşəm görünən çar istibdadı çürük əsaslar üzərində qurulmuş; bu durmaz, yıxılar! Həsən gülümsədi, cavabdan aciz qaldı. Çəkməçini süzdü: dodaqlarındakı xoş təbəssüm imanla parlayırdı. Çəkməçinin imanı tələbəyə yabancı gəldi. Çəkməçi başını qaldırdı. Gözlüyün üzərindən həlim baxışla tələbəni nəzərdən keçirdi və mətanətli səslə: – Əməkçilər çoxdur, “onlar”? – deyə sordu. Tələbə qeyri-şüuri: – Əməkçilər! – dedi. Çəkməçi həlim, lakin inamlı səslə: – Gec-tez əməkçilər qələbə çalacaqlar! Az çoxa ağalıq edə bilməz! Həsən zirzəmidən çıxdıqda özündə başqa bir ruh, anlaşılmaz bir nəşə duydu. Geniş həyətin qaranlıq zirzəmilərində qarınca kimi əlləşib çırpınan adamları gözdən keçirib, çəkməçinin son sözlərini xatırladı. Həsən yol uzunu bu məsələ ətrafında fikir yürütdü – qarşısında yeni bir aləm açılırdı. 1912 * * * Nahaq qan – Mənim namusumu yerə soxub; daha bazara da çıxa bilmirəm. Məgər buna bir təhər çəkilməz?! Ortaboy kişi cavab verdi: – Əşrəf, daha kifayət elər! – Yox, kifayət eləməz! Bir oğul ki, sənin adını batırır, o gərək ölsün! Sən öldürməsən də mən öldürəcəyəm: mən də olmasam, bir ayrı qohum bu işi əmələ gətirəcək. Xülasə, pis övlad gərək ortalıqdan götürülsün. – Əşrəf, səbir elə! İkicə gün mənə möhlət ver, gör necə öldürürəm. Əşrəf acıqlı: – Mən səbir edə bilmərəm, çünki elədiyim bəsdir. Bir ildir sənə deyirəm: “Zeynal, oğlun pis gəzir, gecələr çayxanalarda yatır” qulaq asmırsan. Axır on beş yaşında uşağa belə işlər nə yaraşır. Zeynalın rəngi üzündən götürülmüşdü, bütün bədəni titrəyirdi. Əşrəf danışdıqca halı da fənalaşırdı. Lakin onun dediyi Zeynal üçün təzə bir əhval deyil idi, Əşrəf söyləyənlər buna çoxdan məlum idi. Ancaq övlad eşqi hər şeyə üstün gəlmişdi. Bu eşq dənizində çocuğun bütün günahı bir qətrə kimi qarışıb ərimişdi. Əşrəfin təhriki dənizi dalğalandırmağa başladı. İndiyədək etidaldəmlik göstərən Zeynal indi diqqətlə onu dinləyib, sözlərini bir-bir təhlil vadisindən keçirirdi. Küçəni başa çıxdılar. Əşrəf dərin bir əqidə ilə: – Mən deyib, təklifimdən çıxıram: Əlini sən öldürməsən, namusu mən dayısına düşür. Gərək mən öldürəm. Zeynal hirsindən dili dolaşa-dolaşa dedi: – Sən məni lap binamus hesab eləyirsən, deyirəm iki gün möhlət ver, Əli sağ qalmayacaq! – Qohumlar aralanıb getdilər. * * * Arvad Zeynalı bu axşam kefsiz gördü, lakin bu kefsizliyə ayrıca məna vermədi. Zatən kişi evdə ələləksər acıqlı olardı; çox danışmaz, gülməz, heç bir şeydən nəşələnməz bir təbiətə malik idi. Odur ki, evi yığışdırıb, adəti üzrə yatağına uzandı. Zeynal çubuğu damağına alıb, ocağın qırağında oturdu. Neçə dəfə çubuğunu təzələdi, yenidən çəkdi. Əli evdə yox idi. Atası onu düşünür, gah hiddətlənir, gah da rəhmə gəlib yumşalırdı. Əli onun yeganə övladı idi, həm də əzizliklə tapılmışdı. Evləndikdən beş il sonra balaları kiçik ikən ölmüşdülər. Əli sağ qalmış və Zeynala böyük nəzirsədəqə və ehsana mal olmuşdu. Tək olduğu üçün ər-arvad onu oxutmamağa, sənətə qoymamağa qərar vermişdilər. Əli “əziz böyümüşdü”. İndi bu “əziz” övlad özbaşına yaşayır, istədiyini eləyir, fəna mühitə qapılıb gedirdi. Zeynal bunları düşünərək hiddətlənir, coşur, bir də “dağılmış” zəmanəyə dəlalət edərək rəhmə gəlir və dəhşətli fikrindən daşınmaq istəyirdi. Zeynal çubuğu bir də təzələdi. Birdən Əşrəfin sözlərini xatırladı... Namus deyilən qüvvə bütün şiddəti ilə vücuduna hakim olub, zəlzələlər qopardı. Bir saniyədə ağlı və hissləri qüvvətdən düşdü, qanı soyudu. Çubuğu bir tərəfə atıb qalxdı, taxçadan bıçağı götürdü. Zeynal bıçağı çırağın qabağına tutub, o üz-bu üzünə baxdı. Sonra itiliyini nümunə etmək üçün barmağı ilə tiyəsinə təmas etdi. Bıçaq iti idi. Zeynal onu ocağın qırağındakı döşəyin altına qoydu, o biri otağa keçdi. Arvad yatmışdı. Dönüb ağır həyəcan içində həyətə getdi. Qapıqonşuya qulaq verdi – hamı yatmışdı. Ayağının ucu ilə yavaş-yavaş addım ata-ata darvazaya yetişdi. Uzaqdan bir ayaq tappıltısı gəlirdi. Qonşulardan yalnız birisinin pəncərəsi işıq idi. Xoruzlar banlaşırdılar. Həmişə kəmetina Zeynal bu gecə hər şeyə diqqətlə baxıb, hər bir hənirtiyə məna verməyə başladı. Çox şeydən ehtiyat elədi, çoxundan qorxub titrədi. Tappıltı yavıqlaşdı. Darvaza döyüldü. Zeynal cürətlə yürüyüb, qapını açdı. Əli girdi, Zeynal oğlunu görcək qanı bədənində cuşə gəldi. Lakin səbir edib evə qayıtdı. Qapıları ehmallıca örtüb, otağa girdi: Əli yatağının üstündə paltarını soyunurdu. Əli atasının halını görcək bərk qorxdu, saraldı. Zeynal tutqun səslə: – Bu vaxta kimi haradasan? – deyib, daha oğlunun cavabını gözləmədi. Bir dəqiqədə boğazından tutub, ocağın qırağına yıxdı. Əli çığırdı, amma səsini atası eşitmədi. Kişinin hirsindən bütün hissləri qüvvədən düşmüşdü. * * * Qonşu otaqda qadını səsə oyandı, durdu. Dürüst qulaq asdı, heç bir yerdən səs gəlmirdi. Arvad öz qulaqlarına inanmamağa başladı. Ürəyinin sıxılmasını hiss etdi. Elə bil bir adam bunu qonşu otağa çağırıb, yeni bir hadisəyə rast gələcəyini vəd edirdi. Soyuq tər bütün bədənini bürüdü. Biçarə yorğanı üstündən hövlnak atıb, özünü qapıya çırpdı. Birdən qışqırıb, bihiss yerə yıxıldı. Əlləri övlad qanı ilə boyanmış Zeynal meyidin üstə oturmuşdu. * * * Günəş çıxmadan məfrəş yüklü bir eşşək şəhərdən çıxdı. Acı düşüncəli Zeynal uzaqdan eşşəyi təqib edirdi. Cinayət işləmiş bu adamın halı o qədər qərib idi ki, peşmanlıq qara boğanaq kimi birdən onu bürüyüb sıxmağa, incitməyə və işgəncə verməyə başlayırdı. Bir də aydın bir nikbinlik nərədənsə ruhunun dərinliklərində zühur edib, yavaş-yavaş bədəninə yayılır və əcaib bir təbəssüm dodaqlarının guşələrini büküb, gözlərinin ətrafında oynayırdı. Birdən nəzəri eşşəyin üstündəki məfrəşə sataşdı. Əvvəl heç bir şey hiss etmədən gözləri oraya yamandı, qaldı. Sonra yavaş-yavaş bəbəkləri böyüməyə başladı və vahimə vücudunu ağzına aldı. Məfrəşin gözəyi tərpəndi və kənarından bir əl çıxıb dimdik qaldı. ”Günəşin ilk şüasında körpə, rəngsiz, qana bulaşmış bu əl o qədər əsrarəngiz idi ki, fövrən Zeynalı ildırım kimi çarpdı, getdi, dondurdu. Zeynal gözlərini yumdu, üzünü döndərdi. Yolun aşağısı uçurum idi, dibində çay axırdı. O tərəf yal və meşə idi. Yüzlərcə körpə və rəngsiz əllər ətrafa səpilmişdi. Zeynal gözlərini təkrar yumdu. İnsan səsinə bənzəməyən bir nərə ilə bağırdı. Sonra elə bir qəhqəhə çəkdi ki, adəmdən xatəmə ətraf meşələr belə qəhqəhə eşitməmişdilər. 1913 * * * Ayrılıq axşamı Otağımıza girdikdə Şəfiqəni orada görmədim. Murad uzanmışdı, rəngi üzündən büsbütün götürülmüşdü. Yenidən xəstələndiyini zənn edərək, təlaşa düşdüm. Çarpayısına yaxınlaşdım, əlimi başına qoydum: qızdırması artmışdı. – Qonaqlar çoxdanmı getmiş? – dedim. Dinmədi. Halını anladım: “Şəfiqə ilə yəqin yenə sözləşmiş” – deyə fikrimdən keçirdim. Kefini pozmamaq üçün marağımı susdurdum. Soyunub yatağıma girdim. Murad əlini gözlərinin üstündən götürüb, ələmli bir nəzərlə mənə baxdı; yalmandı – dodaqları qurumuşdu. – Bəs sən haraya getdin? – deyə soruşdu. – Mən çıxdım ki, sizə mane olmayım, – dedim. Murad vaysılanaraq qanı qaçmış əlini döşəyə çırpıb dedi: – Aramız dəydi... Həmişəlik dəydi. Marağım artdı, yoldaşımın halı məni də dərdləndirdi. Yarı qalxıb, yasdığıma dirsəkləndim. – Söylə görüm, necə oldu? – dedim. Murad istəməməzlik göstərdi. Təkrar rica etdim: – Canım, mən sənə yad deyiləm. Bilirsən ki, sənin onunla evlənmən birinci məni şad edəcəkdi. Murada yavaş səslə: – Mən ölüm, burada qalsın. Bu əhvalatı heç kəs bilmir və bilməyəcək də. Xəstəlikdən bir az qurtaran kimi çıxıb Qafqaza gedəcəyəm. Dərviş kimi başımı ətəyimə büküb, tərki-dünya olacağam. Murad ürək-dirək verdim: – Qardaş, – dedim, – özünü möhkəm tut. Uşaq deyilsən, otuz beş yaşın var. Sən hissə deyil, hiss sənə əsir olmalıdır. Murad işgəncə əzabı çəkən bir məhkum kimi yerində qıvrıldı və əlini döşəyə çırpıb dedi: – Ay qardaş, sən işləri dürüst bilmirsən. Səninlə bir otaqda yaşadığımız cəmi bir aydır. – Murad duruxdu, dili ilə dodaqlarını isladıb, sözlərinə davam etdi: – İl yarımdır ki, Şəfiqənin avarasıyam. Onu sevirəm. Ömrümdə eşqin nə olduğunu bilməzdim. Necə gəldi, necə bəlaya tutuldum – xəbərim yoxdur... İnsan yatmaz imiş, insan əzab çəkərmiş, insan məhv olub bitərmiş... Bunların hamısı Şəfiqənin yolunda imiş!.. Qəribədir, bu ailəyə ilk gedən günü Şəfiqənin otaqda olub olmamasını heç də hiss etmədim. Böyük bacıları ilə deyib-danışardıq, gülüşərdik, bu da anasının yanına sıxılıb, heyran-heyran mənə baxardı. Bilmirəm, necə olmuş da qəlbim buna bağlanmış. Ora gedirəm, həmişə gözlərim onu axtarır, evdə olmayanda darıxıram. Artıq o mənim üçün bir hava idi – qəlbimin çarpıntısı, ciyərlərimin qanadlanması, bütün diriliyim ondan asılı idi. Bir gün gedərkən onu evdə tək gördüm. Qarşı-qarşıya oturduq. Baxdım, baxdım, sifətində məlakə paklığı vardı. “Sən bir məbəddə oturaydın, bütün həyatımı ayaqlarının dəydiyi yerə qurban gətirəydim!” – deyə öz-özümə düşündüm... Şəfiqə qoşa saçlarını əllərində oynadaraq: – Nə düşünürsünüz? – dedi. – Sizi düşünürəm! – dedim, öz cürətimə heyrət edib, şaşdım. Şəfiqə də diksindi, qızarmış üzünü yerə dikdi. Bir müddət ikimiz də lal kimi bir-birimizin üzünə baxdıq. Sonra Şəfiqə sıçrayıb, balkona çıxdı. O zamandan aramızda bir anlaşılmamazlıq oldu. Mən kədərli, o düşüncəli. O məndən ürkən kimi oldu... Bir müddət ayrıldıq. Bir gün ondan məktub alıram, neçin bizi unutdunuz deyə şikayətlənir... Yenə getdim. Yenə əzab... Xəstələndim... Bu gün məni yoluxmağa gəlmişdi. Fikrini anlamaq istədim; “Mən səni qardaş kimi sevirəm, başqa hissim yoxdur” – deyir, özü də ağlayır... Murad sözlərini bitirdi. Gözlərindən yaş sel kimi axırdı. Bir ay sonra Murad klinik təcrübəsini yarımçıq buraxıb, Bakıya getdi. İki il görüşmədik. Bir yay yolum Bakıdan düşdü. Muradı soruşdum. Evlənib, dedilər. Çox da xoşbəxt yaşayırmış. Görüşmək istədim. Buzovnada istirahətdə imiş. Fayton tutub getdim. Həyətin qapısından içəri girər-girməz məni görüb qoşdu. Qucaqlaşıb, öpüşdük. Əncir ağacının altına qoyulmuş ağ örtülü masanın yanına gəldik, məni yoldaşı Badisəba xanımla tanış etdi. Təqribən otuz yaşlı, iri gövdəli, qarayanız bu qadın çox mülayim və nəzakətli idi. Xidmətçi qız su gətirdi, yuyundum, sonra masaya oturduq. Tələbə həyatının əyləncəli xatirələri başlandı. Badisəba xanımın çox xoşsöhbət və zarafatcıl olduğu meydana çıxdı. Bundan istifadə edərək necə evləndiklərini sordum. Xanım qəhqəhə ilə güldü: – Çox sadə, – dedi, – bir məclisdə görüşdük, o mənə o saat işarə etdi, mən də işarə ilə razılığımı duydurdum. Vəssəlam. Sonra neçə illik dost kimi yuva tədarükünə düşdük, ha-ha-ha!.. – Heç bir eşq fırtınası olmadı? – deyə zarafatla soruşdum. Badisəba xanım yenə qəhqəhə ilə: – Heç! Sakit dəniz yolçuları kimi, iztirabsız, arxayın... Zatən, təbiətimiz bir-birinə uyğun gəldi: mən də fırtına keçirməyi sevmərəm. Axı əzab çəkmənin lüzumu varmı? Onsuz da xoşbəxt olmadıqmı? Badisəba xanım danışarkən Muradın üzünə baxdım. Gülər gözləri yoldaşının şən simasında dolaşırdı. O qədər məsud idi ki... Xanım sözlərinə davam edirdi: – Ancaq mən istərdim ki, Muradın gəncliyində bir fırtına olaydı. Təəssüf ki, bütün xatirələrində buna rast gəlmədim. Muradın yeganə nöqsanını bunda görürəm, başqa qüsuru yoxdur, ha-ha-ha!.. – Olsaydı, qısqanmazdınızmı? – deyə sordum. – Heç də yox! İnanınız, doğru sözümdür! Eşqi fırtına, məncə, mərdlik nişanəsidir, bu kişilərə zinət verir. Son sözlərini söylərkən qadının üzü olduqca ciddi idi. – Onda, – dedim, – müsaidə edin, sizə öz həyatımda başıma gəlmiş bir macəranı oxuyum. Xanım böyük bir məmnuniyyətlə razı oldu. “Ayrılıq axşamı”nı oxumağa başladım. Murad məsələni anlayıb, gülümsəyir, xanım isə həyəcanlanaraq aram tapa bilmirdi. Hekayə bitdikdə Murad qəhqəhə çəkib güldü. Badisəba xanım düşüncədə idi; nəhayət, qibtə andıran bir səslə: – Sizin yoldaşınız dünyanın ən xoşbəxt qadını olacaq! – deyib, köksünü ötürdü. Murad şaqqıltı ilə güldü, mən də özümü saxlaya bilmədim. Xanım döyükdü: – Nə olub? – deyə gah ərinin, gah mənim üzümə baxdı. Xanımı bu vəziyyətdən qurtarmaq üçün dedim: – Badisəba xanım, bu eşq fırtınası həqiqətdə sizin Muradın başına gəlmişdir. Xanım yarı sevinc, yarı şübhəli bir halda üzümə baxdı. – Namusum haqqı, doğru söyləyirəm! – deyə onu şübhədən çıxardım. Badisəba xanım şən və məsud bir təbəssümlə Muradı süzdü və əlini kürəyinə vuraraq: – İndi səni kişi gördüm! – dedi. 1913 * * * Şair Evə qonaq gəlmişdi. Kəblə Namaz dayı balaca oğlu Cənnətəlini qonaqlara göstərmək üçün otağa səslədi. Bir neçə dəqiqədən sonra içəri iri başlı, pərtdö gözlü bir uşaq girib, burnunu çəkə-çəkə qapının yanında durdu. Uşağı görcək qonaqlardan biri gülə-gülə Namaz dayıya dedi: – “Arım var, arım var–eşşək arısı”, tərif elədiyin oğul budur? Qonaqlar gülüşdülər və sonra Kəblə Namazla zarafatlaşmağa başladılar. – “Tərifli motal qıllı çıxar” buna deyiblər. Kəbləyi gülə-gülə oğlunu yanına çağırdı və ətəyi ilə onun burnunu silib, uşağın çirkli börkünü çıxartdı: – Ay qanmazlar! – dedi. – Siz belə uşağın qədrini nə bilirsiniz. Bircə bunun başına baxın. Bu baş ki, bundadır, Allah qoysa, şair olacaq. Hamı qəhqəhə çəkib gülüşdü. Başıaçıq uşaq qonaqların qabağında dolandı və hər kəs onun arxası yastı, qabağı yumru başına baxıb, uşağa və atasına bir latayır söylədi; deyirdilər: – Balam, eşşəyin də başı yekədir, amma eşşəkdən hələ şair olduğu görünməyib. Qonaqlar ev sahibi ilə zarafatyana söhbət edib gülüşdükdə, uşaq börkünü başına qoyub, yavaşca otaqdan “cırdı”. * * * Bu əhvalatdan tamam otuz il keçdi. Kəblə Namaz ölüb getmişdi. Oğlu Cənnətəli də atasının baqqal dükanında ticarətə məşğul idi. Bir gün nə təhər oldusa, atasının dediyi sözlər gəldi onun yadına düşdü: “Bu baş ki, bundadır, şair olacaq” deyə fikrindən keçirdi. Öz-özünə “yəqin məndə bir istedad varmış ki, atam bu sözləri deyib, yox, mən şairəm; bəli, mən şairəm”. Belə öz-özünə təlqinetmə kifayət etdi. Sabahı gün Cənnətəli dükanı satdı. Özünə “şairanə” bir şlyapa və bir qalstuk alıb ortalığa düşdü. Hər axşam şam işığında oturub, ilham gözləməyə başladı. Gözlərdi, axırda bir şey çıxmayanda durub yatardı və hər kəs də dinsə idi “vəfasız” təbin də acığını ondan alardı. Birdən, görürdün, gecənin yarısı yataqdan qalxıb, çırağı yandırdı, tez qələmə əl atdı və bir az fikirləşib, “təbi kazib imiş zəhrimar” deyə-deyə yenə yatdı. Bazara çıxdıqda Cənnətəli gimnazistləri başına toplardı: – Cavanları sevirəm, – deyərdi, – gedək, bir qəhvə içək. Qəhvəxanada Cənnətəli danışmağa heç kəsə macal verməzdi, özündən başlardı. – Qardaşlar, mən bunu sizə xəlvətcə deyirəm, heç kəsə söyləməyin, şer yazmaqda tayım, bərabərim gəlməyib. Təbim mövzundur, yazılarım da pürməna. Mənim şerimdəki abdarlıq heç bir şairin sözündə görünməyib... Mütəəllimləri qulaq verirdilər: mürgü basınca dinləyirdilər. Bir də “şair” yerindən qalxdı: – Qardaşınız böyük ədibdir, bu dəqiqə sizə irticalən bir şer söyləyim. Amma qarandaş götürün, cəld yazın, sonra tərcümeyi-halımı yazan şəxsə bunları nağıl edərsiniz, sizin də adınız tarixə düşər. Cavanlar dəftərə və qələmə yapışdılar. Cənnətəli də minnətqoyucu bir təbəssümlə qəhvəxananın ortasına yeridi. Gözləri çanağından çıxırdı. Yumruğunu qıcayıb, ayağını yerə bərk vurdu. – Mey budeh... mey budeh... Bu cümləni heybətli bir səslə bir neçə dəfə təkrar edib, qəhvəxananı dolandı. Bir şey çıxmayacağını duyduqda gəlib oturdu, dedi: – Təbi-kazib imiş zəhrimar. Cənnətəlinin qəribə hərəkətinin, məzəli hoppanmalarının bəxş etdiyi təsir sayəsində cavanlar bir müddət sükuta getdilər. Bu sükutu yenə ilk əvvəl pozan “şair” oldu. – Bir təbisadiq var, – dedi, – bir də təbi-kazib. Təbi-kazib aldadar. Təbi-sadiq... Bunun nə olduğunu deməklə bilməzsiniz. Mən ki, gecələr şamın işığında yazıram, təbi-sadiqdə nə qədər həzz olduğunu yalnız mən duymağa müstəidəm. Baxın, bir şer oxuyum, görün nə gözəl şeydir, bunu təbi-sadiq gələndə demişəm: Zəni-xubruyun-xali-siyəhi Çün zaği-siyəh çəpər üstə əst. Gördünüzmü, nə gözəl şeydir. Söz yox ki, qandınız, başa düşdünüz. Mənim cəmi şerlərim belə abdar, belə sadəcədirlər. Mən ölüm, bu iki misra ilə aranız necədir? Hələ dalı da var. Onlar bundan da gözəldir... Cənnətəli o biri şerlərini də bir-bir söyləməyə başladı. * * * Həmişə şəhərə qayıdanda Cənnətəli şerləri ilə məni də “feyzyab” edər, tərcümeyi-halından, fövqəladə istedadından nağıl edər və o qədər danışar ki, bir vaxt baxıb görərəm gecə olub, yuxu məni basır. Axır dəfə şəhərə gəldikdə Cənnətəlini orada görmədim, dedilər: üç-dörd fərdi havi bir bənzətmə yazıb, neçə qəzet idarəsinə göndərib, çap eləməyiblər. Axırda qəzetlərə bir qədər müştəri toplayıb, Bakıya gedib ki, görsün onun kəlamını niyə çap eləməyiblər. Üç gün keçmiş ona bazarda rast gəldim. Bakıdan gəlmiş imiş. “Ya Allah” deyə əlini mənə uzatdı, görüşdük. Məni çəkə-çəkə qəhvəxanaya apardı, dedi: – Şair üçün təati-əfkar böyük səadətdir. Bunsuz mən yaşaya bilmərəm. Ülvi bir təbiətə malik olan bir şairə kərbəlayılar ilə müsahibə etmək nə böyük əzab olduğunu təsəvvür ediniz. Təəssüf ki, bu əzaba qatlaşmaq məcburiyyətindəyəm. Şerimin də qədrini dərk edə bilmirlər. Bir çox axmağı da var, məni təbsiz və hətta küyə düşüb özündən müştəbeh olmuş bilir. Əlbəttə, siz ziyalılar mənim qədrimi bilib, mövzun təbimdən istifadə edərsiniz. Cənnətəlinin sözlərinə qulaq verirdim, dinmirdim. Daha doğrusu, dinməyə də aman vermirdi. Qəzet və məcmuələrdən topladığı alayarımçıq məlumatları ortaya tökürdü. Allahı inkar etmək kimi modda olan söhbətlər edirdi, deyirdi: – Avropanın məşhur şüərası da mənim kimi Allah-zad tanımazlar. Şairlərdə zatən təbii qüvvə olur ki, hamısının tutduğu hərəkətlər birbirinin eyni olur. Məsələn, bilmirəm o necə alman şairidir, deyirlər, yazanda həmişə çürük alma yeyərmiş. Mən də həmişə şer yazanda qax yeyirəm. Bir qax vurdummu, qələmin ucundan axır. Qaxsız bircə misra da yaza bilmirəm. Ya gərək qax olsun, ya da ki,... məhbubixubru. Özün arifsən, bilirsən ki, mən nə deyirəm. Həmişə şer deyib, mey içib, cavan sevərik. Ziyadə felə bizim irtiqabımız yoxdur. * * * Sabah iki rükət hacət namazı qılıb, məni bu gün şair dırnağına salmasın deyə allahdan istiğasə elədim. Çünki Cənnətəli dünən gecənin yarısına kimi məni əldən qoymayıb, eyzən öz fəzailindən nağıl etmişdi. Bu gün də belə olsa idi, işdəngücdən büsbütün avara qalacaq idim. Xülasə, evdən çıxıb bir-iki addım getməmişdim, bir də... Cənnətəli böyürdən çıxdı. Ürəyim ayağımın altına düşdü. – Pa, yaallah!.. Salamına cavab verdim. Məni çəkə-çəkə apardı. Yenə qəhvəxanaya getmək istədi. Razı olmadım, dedim: – Qəhvəyə heç meylim yoxdur. Cənnətəli cibindən bir kağız çıxardıb, sevincli bir halda: – Onda sənə bir şer oxuyacağam, dünən gecə demişəm. Şer adı eşidəndə cəmi vücudum keyidi, başım fırlanmağa başladı. Cənnətəli zövqlə oxuyurdu: Zəban dəhənində vurdi-ənbəri-bar sənsən, Əbrun kaman, müjgan ox sənsən, Ala gözlü səbəti-giranbar sənsən. Dəftərxaneyi-dili-pərişanımın kari-pərdazı sənsən. Şair oxudu. Sonra döndü qandırmağa və mədh eləməyə: – Mən ölüm, bu şerlə aran necədir? Dünən gecə şam işığında demişəm. Bir qax yedim, təbi-sadiq gəldi. Bircə gör nə pürmənadır. O “səbəti-girənbara” diqqət ver, gör orada nə qədər dahilik işlənib, ala gözləri səbətə oxşadıram. Axır, ala gözlər parıldayanda lap səbət çubuqlarının arasından gələn işığa bənzəyir. Mən ölüm, bunu hansı şair deyə bilər? Tofiq Fikrət adını şair qoyub, mən onun şerlərini ayaq üstə deyirəm. Məndə təb var, mən onlar kimi özümü zarafata qoymamışam. Mənə Nobel mükafatı verməlidirlər... Mənim təbim mövzundur... Yenə dünənki sözlər başlandı, şerlər oxundu, qara qeyd canımı aldı ki, bu gün də işə gedə bilməyəcəyəm. Küçənin ortasına çatdıq. Cənnətəli sözlərində davam edirdi. Mən də, ölüm cəzasına məhkum olmuş kimi mat və məəttəl gözlərimi bunun ağzına dikmişdim. Dedim nə deyir, qoy desin, daha mənimki keçib, bunun əlindən qurtarmaq üçün, şəhəri bilmərrə tərk etməli idim. Bir də yadıma bir yaxşı fikir düşdü. “Burada vacib işim var”, – deyə Cənnətəlidən aralanıb, özümü yad bir həyətə saldım. Cənnətəli arxamca gəlib, qapıda dayandı, dedi: – Burada sizi gözləyirəm. Məlumdur ki, qayıtmalı təhərim yox idi. Arxa qapıdan çıxıb, evimizə qaçdım. Bu halda Cənnətəli hələ qapıda durub, dalandara şer oxuyurdu. 1913 * * * Nitq Mirzə Mehrəli nəticəsindən qorxurdusa da, qubernatoru qarşıladıqda nitq söyləməyi qət etmişdi. Cözlüyün uclarını qulaqlarına keçirdi, sonra tütün qutusunu çıxardıb, iri bir papiros lülələdi və gilas ağacından qayrılmış uzun müştüyünü üfləyib, papirosu ucuna qondardı. Mirzə Mehrəli bir neçə dəfə qələmi mürəkkəbə batırıb, fikirləşdi. Lakin nitqin başlanacağı Mirzəyə çətin gəldi. Bir iki papiros çəkdikdən sonra sanki Mirzə Mehrəlinin qələminə qüvvət gəldi. Kağızı dizinin üstə sıxışdıraraq, gözlüyün üstdən baxabaxa yazdı: – Ey sərkari-sərnişini-hümayun!.. Mirzə burada bir az duruxdu; gözlərini taxçadakı aftafa-ləyənə zilləyib, fikrə getdi. Yazdığını bir də oxudu. Qələmin ucunu papağına çəkib, mürəkkəbə batırdı. Cümləni təkrar gözdən keçirib, bir neçə söz də əlavə etdi. Yenə duruxdu. Gözlüyün üstdən taxçaya baxıb fikirləşdi. Cümlə gözəl başlanmışdı, ancaq sanki ibarələr xoşuna gəlmədi. Üzərinə bir qələm çəkib, qələmi yerə qoydu. Qutusunu çıxardıb, bir papiros eşdi. Papirosun tüstüsü damağına çökdükdə təkrar qələmi ələ aldı. Yazdığı “sərkari-sərnişini-hümayun” cümləsini bir də bərkdən oxudu. Bu dəfə “sərnişin” sözü ona şübhəli göründü; belə ləfz qollanılarmı, qollanmazmı? – deyə düşündü. Bu sözü də qaraladı. Mirzə Mehrəli papirosu damağına aldı. Yenə fikrə getdi – qubernatora müraciət üçün layiqli bir söz tapa bilmədi. Durdu, otaqda gəzindi. Arvadı cəhrə əyirirdi və cəhrənin qəmli cırıltısından hissə gəlib, ağı deyir, ölənlərini birbəbir yadına salırdı. Mirzənin nəzəri cəhrəyə sataşdı. Birdən, “Görəsən Firəngistanda da cəhrə varmı?” – deyə maraqlandı – “Varsa onlar nə təhər əyirirlər? Hesab ilə gərək firənglər cəhrəni masa üstə qoyub əyirələr” – dedi. Cəhrə məsələsi Mirzə Mehrəlini bir zaman məşğul etdi. Otağı dolandıqca xəyal meydanı genəldi və axırda bu yerə gəldi ki, cəhrəni firənglər qayıra bilərlərsə, kirişini qayıra bilməzlər. Birdən öz-özünə dedi: “Canım, kiriş nəmənədi ki, onu firəng qayıra bilməsin; göyəqalxan qayıra bilən kirişi niyə qayırmasın?!”. Bu qənaətdən sonra Mirzə sakit oldu. Bir balaca fışdırıqlamaq istədi, lakin dişlərinin olmaması onu məyus etdi. Qayıdıb döşəyinə tərəf gəldi: – Gecə keçir, – dedi, – nitq yazmalıdır. Bu sözlərdən sonra mirzənin bütün nəşəsi sönüb getdi. Mirzə papirosu yandırdı; nitq yazmağa heç meyli yox idi. Bir gərnəşdi. Qələmi götürdü. Onu fikir apardı. Dedi: – Görəsən bu nitq söyləməyi kim qayda qoymuş. Allah urusu da kəssin, onun qaydasını da. Bizlərdəcə yaxşıdır–şəhərə bir əziz adam gələndə qabağında qurban kəsirlər, çıxır gedir... Nitq nədir?! Bəlkə birisi nitq söyləyə bilmir... Mirzə Mehrəli çox götür-qoy etdisə də, çarə tapmadı – nitq söyləməli idi. Şəhər camaatı da qubernatoru qarşılamağa onu vəkil etmişdi... Yenə qələm ələ alındı: – Sadəcə yazacağam, – dedi, – nə “sərnişini-hümayun”bazlıqdır. Yaxşısı budur ki, “aludeyi-eşqi-rəiyyət”, – deyə başlayım. Mirzə sol dizini yenə qaldırıb, kağızı üzərinə qoydu və gözlüyün üstdən qələmin ucuna zənlə baxdı, orada bir tük görərək, dırnağı ilə dartıb yazdı: – Ey aludeyi-eşqi-rəiyyət! Duruxdu. Təkrar-təkrar oxudu. Cümləni təhlil etdi: – Aludeyi-eşq, – deyə dayandı, – bu çox üstüörtülü oldu, – dedi. – Burada iyma və işarə var. Ciddi və musin adama belə kəlmələr xoş gəlməz. Qoburnatın aşnası var – deyirlər. Elə bilər “aludeyi-eşq” deməkdə onun aşnasına sataşıram. Yaxşı olmaz – qaş qayırdığımdır, göz tökərəm. Mirzə qələmi götürüb, yazdıqlarını pozdu. Arvad dükçəni iydən çıxardıb, üstünə sacayaq qoydu ki, gecə iyə ilişən olmasın. Sonra qutuya lay-lay yığılan əlçimləri cəhrənin yanına itələdi. Dükçələri yığışdırdı və cəhrənin ətrafını ehmalca süpürüb, yatmaq tədarükünə düşdü. Mirzə Mehrəli döşəkçənin üstündə uzanıb, mürgü döyürdü. Arvad qəti səslə: – Ay kişi, – dedi, – boş-boş yan yerə verməkdən fayda çıxmaz. Gecə keçir, dur. Yazı-pozunu sabah elərsən. Mirzə gözlüyü qutusuna qoyub, döşəyin altına atdı və qoltuğunu qaşımağa başladı. Neçə yeri yazılıb, pozulmuş kağıza nəzəri sataşdıqda:, – Eyyy!.. Dünyada heç nitq söyləmək olmayaydı!!. – deyə köksünü ötürdü. 1913 * * * Doqquz ay keçmiş – Ay nənə! – Can nənə! Nənən sənə qurban nə var? – Ay nənə, səndən bir şey soruşacağam. Yadındadırmı, bildir yayda bu həyətdə bir çox qızlar oynayırdılar.. İndi heç onları görmürəm. Məsələn: dərzi Hüseynin qızı. – Qadan gözümə, ay bala, bildir yaydan bir aləm vaxt gəlib gedib. Sən Rusiyətdə bir xeyli oxuyub qayıtmısan. Maşallah, yekə kişi olmusan. Sən yekələn kimi dərzi Hüseynin qızı da yekəldi, ərə getdi. – Bıy, ay nənə, o bir tikə qız idi. On-on iki yaşı olardı. – Bir tikə deyil idi, qadan alım, qız uşağı tez böyüyər. Amma bir o var ki, yazıq uşaq yarımadı, ərə gedəndən heç canı sağ olmur. Gah boğazı ağrıyır, gah bədəni yara tökür. Daha bir ocaq qalmayıb ki, torpağından bədəninə sürtülməsin, şəfa tapmır, bət-bənizi gül kimi solub. – Ay nənə, yadındadırmı, bir qızcığaz da həyətə oynamağa gələrdi. Adı deyəsən Güləndam idi. – Başına dönüm, Güləndam öldü. Allah heç kəsi yetim eləməsin! Yetimin yiyəsi olmaz imiş, qara günlünün elə əvvəldən oxu daşa dəydi. Burada dükançı Bəylər var. O Bəylər qarnı yanmış, qız dükana şey almağa gəldikdə çəkib namusuna sataşmışdı. İş cəmi şəhərə məlum oldu. Amma qızın yiyəsi yox idi deyib, heç kəs qabağa durmadı. Yazıq Güləndam bədbəxt oldu: qaldı ortalıqda, axırda, Allah atasına rəhmət eləsin molla Cəfərin, qızı götürüb, bir dərvişə verdi. Dərviş musinn idi, qız da, özün bilirsən ki, körpə idi – olardı on dörd sinni. Nə təhər olursa, qız dərvişin dilini başa düşə bilmir. Ağrım ürəyinə olmuş dərviş də tərs imiş. Bir gün götürüb qızın qılçasına dağ basır. Qız qaçıb gəlmişdi molla Cəfərin evinə, deyirdi: “Öldür, daha bir də dərvişin yanına getməyəcəyəm”. Bir neçə vaxt qaldı. Molla Cəfər də kasıb adam–qıza çörək verməkdən təngə gəldi. Bir gün bir neçə ağsaqqal çağırıb, qızı dərvişin yanına göndərdi. Deyirlər dərviş qıza yiyə durmurmuş. Güclə qoyub gəliblər. O gecəsi dərviş nainsaf oğlu Güləndamın əl-ayağını bağlayıb, doyunca döyüb, iki gün ac, susuz saxlayıb. Sonralar Güləndamdan xəbər çıxmadı. İnsan arasına çıxmırdı. Deyirdilər, dərviş gündüzlər qızı dama salıb, bağlayırmış... Bir gün dedilər Güləndam öldü. Nə dərdlə öldü–orası naməlum qaldı. Babalı deyənlərin boynuna, dedilər, dərviş kəşkül ilə vurub öldürüb, mürdəşir Səkinə nağıl eləyirdi ki, Güləndamın gicgahına qan sağılmışdı. Adamın da, ay bala, durduğu yerdə gicgahına qan sağılarmı?.. Nə bilim, allahüələm. – Yəqin, nənə, Qəməri də ərə verdilər? – O necə Qəmərdi, bala? – Yadındadırmı, bizə səməni gətirmişdi; güləş üzlü bir qız idi. – Hə, bildim Bala Xeyransanın qızı. Ondan da sənə bir az nağıl eləyim. Qəməri dədəsi götürdü verdi dəllal Qənbərə. Dəllal Qənbər Xeyransanın əri ilə şərikdi, bir yerdə alış-veriş eləyirdilər. Qəmər əvvəl gecəsindən iki ayağını bir başmağa dirədi, dedi: “Anamı qoyub heç yerə getməyəcəyəm”. Xülasə, tovlayıb bir təhər yengələrə qoşub göndərdilər. Qadan gözlərimə, kim isə düşmənçiliklə qızın tükündən kəsib, cadu eləmiş imiş. Odur ki, qız Kəblə Qənbərdə durmadı. O gecəsindən qaçıb boyaqçı Məhəmmədgilə girmişdi? Boyaqçı Məhəmmədin arvadı deyir: “Qız mənə saqqız kimi yapışmışdı, aralanmaq istəmirdi. Gecə sabaha kimi qoynumda yarpaq kimi əsdi. Bədəni buz kimi idi. Hərdən bir yuxuya gedirdi, görürdün başladı yuxuda qışqırmağa: “Ay ana, qoyma! Ay ana, öldürürlər”. Xülasə, bala, sabahdan qızın anasını çağırtdırdılar. Qız gözünün yaşını sel kimi tökdü. Nə qədər elədilər, nə qədər qorxuzdular, aldatdılarsa da, bir şey çıxmadı. Qəmər qaçıb evlərinə gəldi. İndi iş beləliklə durur. Üzü tökülmüş qız kişini Kəblə Qənbərin yanında xəcalət elədi. Bir də, qız yazıq nə eləsin, iş caduda imiş: allah mərdimazarın evini yıxsın! Qoymadılar ki, kişinin qızı bir parça çörək yesin. – Eh, ay nənə! Kefimi pozdun! Daha bəsdir, nağıl eləmə!.. 1913 * * * Dərviş məsələsi Axşam saat ona kimi oxudular. İkisi də bərk yorulmuşdu. Əli cəsarətsiz bir səslə yoldaşına dedi: – Doğrusu, Cavad, mənim başım daha heç işləmir. Cavad gülümsündü, kitabı yumdu: – Mənimki də işləmir, – dedi. Yoldaşlar gülərək yerlərindən qalxdılar. Əli pəncərənin ağzına yeriyib, başını dışarı çıxartdı: baharın gözəl gecələrindən biri idi; təzə yarpaqlar ay işığında tərpəşir, körpə çocuq kimi sanki əllərini işığa doğru uzadırdı. Kainatda bir dəbdəbə vardı – bahar çiçəyi ilə doğan ilk eşq yeri, göyü və havanı doldurmuşdu. Əli bu şairanə gecədən coşub oxudu: “Novbahar əyyamıdır, mən zar qaldım yarsız, Hiç bülbül olmasın bu fəsldə gülzarsız”. Cavad yoldaşının dəyərli səsindən dərdlənib, pəncərəyə söykəndi, gözləri doluxsundu, qaşları əlif-əlfa şəkli aldı: – Başına dönüm, Əli, bir-ikisini də de, ürəyim yanıb! Əli güldü və cavabında: – Bundan fayda yoxdur, çıxaq bir az gəzək. – Birini de, sonra. – Gedək, gəzək, yolda oxuyaram. Cavadın ağlına batdı: – Gəzək, amma saat on birdə qayıdaq, bir az da məşğul olaq. Yüz əlli səhifə qalsın, onu da sabah təkrar edib, o biri gün imtahana arxayın gedərik. – Canım, bir belə oxumaq olmaz ki!.. Bu gün on saat məşğul olmuşuq, daha yetər. Gedək indi gəzək, sabah da Allah kərimdir. Küçəyə çıxdılar. Hava onların yorğun vücudlarını qanadlandırdı. Əli əlini Cavadın çiyninə qoyub: – Sən öl, könlümə bir pivə düşüb, – dedi. – Pis olmaz, amma məndə on yeddicə qəpik pul var. Əli sevinərək: – Üstünü düzəltməyə də məndə bir neçə qəpik tapılar. Tələbələr özlərini timçədəki çaxır dükanına verdilər. Bir neçə boş şüşə düzülmüş piştaxtanın önündə bir məmur durub, təkbaşına içirdi. Məmur qədəhi qaldırdıqca öz-özünə nitq söyləyir və axırda da qədəhi boş şüşəyə vurub: – Mən səadətimi Saratov şəhərində istəyirəm, – deyirdi. Tələbələrin gəlməsi məmuru sevindirdi. O, qədəhini keflilərə məxsus bir mehribanlıqla qaldırıb dedi: – Bağışlayın! Mən sizinlə tanış deyiləm, ancaq bunun zərəri yoxdur. Çünki biz insanlar bir-birimizlə qardaşıq. Bildinizmi nə deyirəm? Zaikəyə tapşırın–qardaşıq! Rica edirəm məni bağışlayın, bəlkə münasibətsizlik edirəm. Hər halda günahımdan keçin! Cəsarət edib, sizə pivə təklif edirəm. Buyurunuz! Tələbələr ürəklərində: – Bizimkini Allah yetirib, – deyə əvvəl yalandan bir az nazlandılar, sonra razı oldular. Məmur gənclərin bu hərəkətindən olduqca məmnun qaldı və bir nitq başladı. Mənasız və rabitəsiz bir çox sözdən sonra yenə adəti üzrə: – Mən səadətimi Saratovda istəyirəm! – deyib, nitqini bitirdi. Qədəhlər boşalıb yenidən dolduruldu. Nitq söyləmək növbəti Əliyə gəldi, qədəhini qaldırdı: – Cənab, – dedi, – sizin kimi alicənab bir zatla təsadüfən tanış olduğuma çox məmnunam. Sağ olun, qardaşım! Allahdan diləyim budur ki, sizin səadət günəşiniz Saratovda parlasın! Nitq məmuru kövrəltdi: qədəhi piştaxtanın üstünə qoyub, Əlini qucaqladı, öpüşdülər. Sonra brüderşaft içdilər... Dalbadal pivə sifariş verilirdi. Piştaxtanın üstü şüşə ordugahına dönmüşdü. Keflər durulub, gözlər qızarırdı – “ara qarışıb məzhəb itmişdi”. Cavad Əliyə yanaşıb pıçıldadı: – Başım gicəllənir, gödək elə! Tələbələr məmurdan razılıq edib çıxdılar. Qol-qola gedərkən Əli gülə-gülə: – Amma, dostum, müftəcə düşdü! – Hə, sən öl, o qara pulları da sabah çörəyə verərik. Qəhqəhə çəkib güldülər. – Sən öl, Cavad, tələbəlik gözəl şeydir: harada düşdü ye, iç, axşamla – bunu sənə heç kəs eyib tutmaz. Tələbə demək – asudə dərviş deməkdir, fərqi yoxdur. Əli duruxdu. Şəhadət barmağını havada oynadaraq gücü gəldikcə: – Dərviş! – deyə bağırdı. Gecənin sükutunda səs havanı sarsıtdı. Bu əsnada çarşabının ucunu ağzında tutmuş bir qadın onu yaxaladı: – Necə oldu? Ayağıyın altında ölüm! – deyə soruşdu. Əli səndələyərək qadını başdan-ayağa süzdü: – Bacı, sən içmisən ki, – dedi. Qadın kar adam kimi, onun sözlərinə əhəmiyyət verməyərək: – Cavan canına qurban olum, bircə onun yerini tez de! Evim yıxılıb, varımı yoxumu aparıb. Tələbələr heç bir şey anlamayaraq, dartınıb getmək istəyir, qadın da ah-zar eləyir, ağlayır, iki əli ilə dizlərinə döyürdü. Tələbələr yenə dartındılar, qadın da onların ətəyindən tutub sallaşdı. Anlaşılmazlıq nəticəsi olaraq iki tərəf də bir-birinə hücum edib ağızlaşdı, səs-küy qopdu. Nəhayət, polis nəfəri gəlib, bunların üçünü də polis dairəsinə apardı. Pristav əvvəl qadını danışdırdı. Qadın həyəcanından dili dolaşaraq: – Ağa, başına dönüm, bir ay əvvəl bir dərvişə ərə getmişdim. Dərviş qərib olduğu üçün mənzili yox idi. Dedim nə eybi var, gəlsin elə mənim yanımda yaşasın, mən də dul arvadam, mənə də elə bir hayan lazım idi. Gəldi. Gündüz gedib, axşam gələrdi. Evə də pis baxmazdı. Bu axşam onu evdə qoyub, vacib yerim vardı, ora getmişdim. Qayıdıb gördüm dərviş yoxdur. Elə bil ürəyimə dammışdı – əlimi sandığa atdım, gördüm varımı-yoxumu yığışdırıb aparıb. Çıraq yanılı qalmışdı, görünür ki, elə təzəcə getmişdi. Hövlümdən küçəyə çıxdım, bazara tərəf yüyürdüm. Bir də görəm, bu qanına bələşmiş dərvişi çağırır. Elə yeni qaçırmış. Üstünü yaxşıca almışdım, bu partdamış yerini demədi ki, demədi. Pristav hirsli səslə Əlini çağırdı. Əli səndələyə-səndələyə otağın yarısına çəkilmiş sürahıya yanaşdı: – Cənab pristav, kefimizi pozmayın, qoyun gedək evə! İt ilində bir pivə içirik, onu da burnumuzdan tökməyin! Pristav acıqlandı. – Dərviş necə oldu? – deyə soruşdu. – Dərviş yerində. Harda gəldi ye, iç, axşamla – bu da dərviş!.. Zarafata salmayın, qoyun gedək dərsimizi oxuyaq. Pristav Əlinin kefliliyini görüb, onu söyüb-saydıqdan sonra Cavada tərəf yönəldi. – Sən dərvişi gördünmü? – dedi. Cavad cavab vermək iqtidarında deyildi: başı gicəlir, mədəsi bulanırdı. Pristav onun nəzərində otaq ilə bərabər yuxarı qalxıb, yenə enirdi. Pristav daha da hiddətli: – Küpünə girmiş, özündən xəbəri yoxdur... Aparın bunları dama salın, özlərinə gəlib, dərvişin yerini deyərlər. Qorodovoylar tələbələrin qoluna girib onları həyətdəki damxaya saldılar. Tələbələr yarımişıq damxada rast gələn ilk iskəmlədə uzanıb yuxuya getdilər. Sabah ayıldıqda gözlərinə inana bilmədilər – şəhərin bütün sərsəriləri ilə baş-başa yatmış imişlər. Məsələni öyrənib heyrət etdilər. İş aydınlaşınca saat on iki oldu. Onlar evə döndükdə bütün vücudları yorğunluq və ağrıdan keyimişdi. Əli yoldaşına: – Aşna, dərvişlikdə də asudəlik yoxmuş! – dedi, gülüşdülər. 1913 * * * Sidi İlk əvvəl onu bir avtomobil fabrikində görmüşdüm: manövr idi, yəni ən aşağı dərəcəli iş görürdü: süpürürdü, zibil daşıyırdı. Maşınları təmizləyirdi və qazandığı da yalnız bir parça yavan çörəyə və mənzil kirayəsinə gedirdi. Onu fabrikdə tanımayan yox idi, hər kəs ona buyurur, işlədir və onunla əylənirdi. Qiyafəsi qəribə idi: başdan ayağa qədər yağ və çirkə batmış paltarı əvvəlki rəngini çoxdan itirmişdi. Hətta üzünün dərisi belə solmuş və kirləşmişdi. Yalnız dişləri ağarır və gözləri işıldayırdı. Bir gün maşınıma sabunlu su tökərkən onu danışdırdım. – Adın nədir? – dedim. Məxrəcdən bir şeylər söylədi: – Mənsur ibn Məhəmməd, – deyən kimi oldu. – Haralısan? – Əlcəzairli. – Sənə nə üçün “Sidi” deyirlər? Hiddətləndi, əllərini çırpdı və qoğasını götürüb getdi. Mənsurun hiddətinin mənasını sonra anladım: “Sidi” Şimali Afrika ərəblərinə fransızlar tərəfindən verilmiş təhqiramiz bir ad imiş. Doğrusu, Mənsuru incitdim, – deyə məyus oldum. Bir gün mənə çəlik gətirəndə halını xəbər aldım, məndən məmnun qaldı. – O günü mənə acığın tutdu? – dedim. – O sözün mənasını sonra öyrəndim. Fikrim səni təhqir etmək deyil idi. Mənsur gülə-gülə sözümü kəsdi və fəna fransızcasilə: – Zərər yox, müsyö – deyə yağlı əli ilə bir-iki dəfə çiynimə vurdu. O vaxtdan bəri Mənsurla dost olduq. Məni gördükdə uzaqdan dişlərini ağardar və yaxına gəldikdə cəsarətlə əl verərdi. Manövrlərə əl vermək işçilər arasında məqbul olmadığı üçün Mənsur məndən son dərəcə məmnun qalar və hər dəfə əlimi əlinə aldıqda səmimiyyətlə sıxardı. Bir gün fəna bir xəbər eşitdim: il başı sərgisində fabrikimizin avtomobili müvəffəqiyyət qazanmamışdı. Nəticədə işçiləri yüzdə yüz qovmağa başladılar. Bizə növbət gələndən bir həftə əvvəl işçilərin arasında bir səs-küy düşdü. Bu fəci xəbəri hər kəs həyəcan içində birbirinə pıçıldadı. Birinci növbət “sidi”lərin idi. Onlar qovulduqdan sonra sıra xaricilərə gəldi. Mən də o cümlədən işi tərk etmək məcburiyyətində qaldım. Aradan bir həftə keçdi. Mənsur gözümə dəymədi. Onu nə qəhvəxanalarda, nə də küçədə, görə bilmirdim. Halbuki, başqa yoldaşlarımıza ara bir rast gəlirdim. Bir dəfə sabah saat yeddidə bir fabrikin qapısında bir dəstə iş arayanlar arasında Mənsurla görüşdük. Dişlərini ağartdı, gözləri işıldadı və bir neçə adamın başının üstündən əlini uzadıb, əlimi sıxdı. – Nə təhərsən? – dedim. – Yaxşıyam, müsyö! – O vaxtdan işsizmisən? – Elə! – deyə gülümsədi və çiynindən aşırdığı torbasından bir parça çörək çıxardıb, yeməyə başladı. Fabrikin önündə iki saata qədər durduq, nəhayət, qapı açıldı və yalnız bir dülgər lazım olduğunu elan etdilər. O biri işçilər dağıldılar. Mənsur mənə yanaşdı və ikimiz dərin bir sükut içində gözümüzə sataşan uzun bacalara doğru üz qoyduq. Yenə eyni hal: saatlarca vaxt itirdik, nəticədə bizi işə almadılar. Günorta idi. Yorğun bir halda Sena çayının kənarına yönəldik. Bir yük gəmisi qum boşaldırdı. Əvvəlcə tökülmüş bir qum təpəsinin üstündə oturduq. Sentyabr günəşi hələ hərarətini qaib etməmişdi. İsti qum mənə ipək yataq kimi gəldi – uzandım, həllənməyə başladım. Lakin aclıq aman vermədi, iki gündən bəri ət yeməmişdim, bu gün isə çörəyə belə pulum qalmamışdı. Hər nə qədər uyumağa çalışdımsa da olmadı: Sena çayı və ətrafdakı bütün fabriklər başıma fırlanmağa başladı. Durdum, oturdum. Mənsur çayın qırağında paltarını yuyurdu. Məndən bir neçə qədəm o yanda yemək çantası yanında başqa bir işçi oturmuşdu. Salamlaşdım. – Yoldaş, səndəmi işsizsən? – deyə soruşdu. Başımı “hə” deyə tərpətdim. – Haralısan? Anlatdım. – Mən də italyanam, – dedi. Mussolinin zülmündən qaçdım. İşçilər arasında tanışlıq və dostluq tez əmələ gəlir, italyan ilə də aramızda dərin bir dostluq peyda oldu. Aclığımı duyub, çantasından mənə dürmək çıxartdı verdi, şərab təklif elədi. Bir az qarnımı doyurub, tənbəkidən bir papiros lülələyib, dodağıma aldım və yenidən ləzzətlə qumun üzərinə uzandım. Bir vaxt Mənsur məni ayıltdı. Təqribən iki saat yatmışdım. Durub getdik. Yolda fabrik və zavodlara baş çəkmədə idik. Çox qapılarda “işçi lazım deyil” deyə lövhələr asılmışdı. Yolda bir işçi bizə bir adres verdi: – Manövr üçün orada həmişə iş var, – dedi. Getdik. “Manövr”liyə meylim yox idisə də, əlac nə idi. Aclıq insanı hər şeyə məcbur edir. Nə isə, ertəsi gün səhər saat yeddinin yarısında işə başladıq. Burası bir lokomotiv zavodu idi və “manövr” işi o qədər ağır və kirli idi ki, orada on gündən artıq dayanmaq qabil deyildi. Durduq. İşimiz hər kəsin əmrinə hazır olmaq idi. Bizi bu tozlutorpaqlı zavodun bu başından o başına yortdururdular; ağır dəmirlər daşıyır və təskirə çəkirdik. Ara bir lokomotiv qazanını da təmizlədirdilər və oradan qapqara çıxırdıq. Bir gün: “Sidi yaralandı”, – dedilər. Bu qədər. Zatən fabrik həyatında yaralanmaq və şikəst olmaq o qədər adi bir işdir ki, söhbət üçün bir dəqiqəlik mövzu belə təşkil etməz. Mənsur da belə. Yaralandı, yəqin ki, dispanserə götürdülər, oradan da xəstəxanaya yollayacaqlar. İştə bu qədər. Beləcə Mənsuru bir müddət qaib etdim. Ona dair kimsədən bir məlumat ala bilmədim. Bir az keçdi, ağır işə tab gətirə bilməyib, zavodu tərk etdim. Sonra yenə işsizlik, yenə aclıq, artıq dünyanı belə yadımdan çıxardım. Təbiidir ki, Mənsur da unudulub getdi. Bir-iki böhranlı ay daha keçdi. Bir gün Parisə gedərkən şəhər darvazasının birində Mənsura rast gəldim. Məni görüncə, daima olduğu kimi, dişlərini ağartdı və yenə eyni səmimiyyətlə əlini uzatdı. Bir də nə gördüm: dörd barmağını qeyb etmiş... Heyrət etdim. Mənsur isə məmnun bir halda anlatdı: – Bir lokomotiv hissəsini yerə qoyarkən yoldaşımın ehtiyatsızlığı üzündən dəmir əlimə düşüb, dörd barmağımı əzdi. Məni yarımcan xəstəxanaya apardılar. Əməliyyat yapıldı. Barmaqlarımı kəsdilər. Xəstəxanadan çıxdığım bir həftədir. – Kəsilən barmaqlar əvəzində zavod sənə bir şey verdimi? – Dörd yüz frank. Məni fikir götürdü, öz-özümə “dörd yüz frank” – deyə təkrar etdim və düşünmədən Mənsura: – İnsan barmağının biri yüz frankdır, yəni bir həftə ölüm-zülüm yaşamaq parası, – dedim. Sözlərimi qurtarmadan mənə əsəbi bir qəhqəhə gəldi: şaqqıldayıb güldüm. Mənsurun dişləri ağardı, gözləri işıldadı və şad bir halda dedi: – Müsyö, dörd yüz frank məni bir ay görər. Bir aydan sonra isə, nə olar, nə olmaz... Sən iş tapdınmı? – Yox. – O yaxşı deyil, – deyə Mənsur barmaqsız əlini uzatdı, ayrıldıq. 1926 * * * Osman Dövlətşin O çox şenlikli, bol nəşəli Kiyev bu dəfə boş qəbiristanı andırırdı: küçələr sönük, qəmgin idi; kimsə evindən dışarı çıxmağa cəsarət etmirdi. Yalnız çörəkçi dükanlarının önündə uzun sıralar görünürdü. Oradaburada düşüb partlayan mərmilərə, tüfəng şaqqıldamasına baxmayaraq bu adamlar cansız bütlər kimi düzülüb çörək gözləyirdilər. Hansı qüvvələrin şəhərə hakim olduğu bəlli deyil idi. Belə zamanlarda min bir şayiə dövran edər, çoxusu da doğru olmaz. Sabah ertə ukraynalıların poçtaya hücum etdiklərini söylədilər. Dünən bir məktəbin ətrafında qanlı vuruşmalar olmuş; kim bilir, sabah bu qan və atəş haralara keçəcək? Ara-bir divarlara xitabnamələr yapışdırılır: Ukrayna hökuməti kəndliləri bolşeviklərlə mübarizəyə dəvət edir... Bu elanları, çağırışları oxuyan olurmu? Hər kəs zirzəmilərdə; xalq can qayğısındadır. Günorta zamanı atışma bərkidi. Hökumət binasının qarşısında bombalar partlamağa başladı. Bolşeviklər binanı tutmuş imişlər. Bir saatlıq hücumdan sonra ukraynalılar qələbə çaldı və bolşeviklərin sağ qalanları təslim oldular. Cümlətanı on beş kişi idi: hamısı əsgər geyimli, dəri papaqlı idi. Yalnız bircəsi tələbə şapkası daşıyırdı. Bu kazanlı Osman Dövlətşin idi. Əsirləri silahlı əsgərlər bələdiyyə meydanına doğru aparırdılar. Bunların başına gələcək, hər kəsə məlum idi: Nikolay küçəsinə götürülüb, oradakı yeddi nömrəli evdə güllələnəcək idilər. Odur ki, qapı və pəncərələrdən bunlara sataşan gözlər heyfsilənirdi. Bunlar qurulan sipərlərin yanından keçərkən oradakı gənclərdən birinin nəzərini cəlb etdi, gənc, məktəb yoldaşı Dövlətşini tanıdı. İstəristəməz ağzından “Osman” deyə bir səda qopdu. Dövlətşin başını döndərdi və heç bir məna anlatmayan, donuxmuş gözlərini sipərə zillədi; duruxdu – yoldaşını tanıdısa da, halında təğyir olmadı. Key-key donuxub qaldı. Gənc sipərdən sıçradı, əsgərlərə yanaşdı: – Bu adam burada qalacaq! – dedi və Osmanı dartıb, onlardan ayırdı. Bu vəqə elə bir sürətlə əmələ gəldi ki, əsgərlər etiraz etmədən yollarına davam etdilər. Dövlətşin sipərdə qaldı. Atışma ara vermişdi. Gənc tüfəngini yerə qoyub, divarın dibində uzanmış Osmana yanaşdı, gülümsədi. Sanki bu təbəssümdə hər şey bəyan olundu. Zatən ukraynalı bu cavanla Osman çoxdan dost idi. Bir-birinin əleyhinə yığıncaqlarda dəfələrlə çıxmışdılar; hərəsi başqabaşqa nöqteyinəzəri müdafiə etmələrinə baxmayaraq yenə aralarında bir dostluq var idi. Odur ki, cavanın təbəssümü Osmanın ürəyində nəşələr doğurdu. – Niyə məni yoldaşlarımdan ayırdın? – dedi. Cavan yenə gülümsədi, cavab verdi: – Özünü mənə qəhrəmanmı tanıtmaq istəyirsən? Bilirəm ki, qəhrəmansan. – Xeyr, qəhrəman olmaq niyyətində deyiləm! – Yaxşı bu barədə sağ qalsaq sonralar yenə mübahisə edərik. İndi bir iş var: axşam qaranlığı başlar-başlamaz gedərsən. Amma bir şərt var – bizim milli hərəkata zərərli olmayacağına söz verəcəksən! Osman gülümsədi: “milli hərəkat” deyə rişxənd etdi, dedi: – Fəqir tələbə ikən mülkədarları müdafiə etmədə davam et, sonra görüşərik. Qaranlıq çökərkən Osman yoldaşının əlini sıxdı, ayrıldılar. Lakin yenə həmişəki kimi hər kəs öz fikrində baqi qaldı: Osman məsləkdaşlarını axtarıb, onlara qovuşmaq fikrilə gedərkən ukraynalı gənc də milli məfkurə yolunda tüfəngə sarılıb, sipərə yatdı. Osman divarların yanı ilə daldalana-daldalana irəlilədi. Tüfəng açılarkən qapı və ya pəncərələrə sığınırdı. Kreşşatik adlı böyük küçəni güclə keçib, özünü bir həyətə saldı. Sağ tərəfdəki pilləkəni aşağı enib, sabiq gürcü meyxanasına girdi; burası ətraf ailələr üçün bir sığınacaq olmuşdu. Osman içəri girər-girməz, onu gülər üzlü cavanlar qarşıladı – tanıdığı azəri tələbələrindən bir neçəsi burada idi. Bir çox xanımlar, qızlar nəzəri cəlb edirdi. Küçələrdəki atışma və bomba partlayışlarına baxmayaraq, buradakı çöhrələrdə meyxana nəşəsi var idi: deyən kim, gülən kim, oxuyan kim... Bir də, tələbələrdən birisi tarı köklədi, çəpik qalxdı. Osmanı itələyib oyuna saldılar. Nə qədər oyun bilmədiyini irəli sürdüsə, qulaq asmadılar. Axırda acıqlı bir sima ilə yaxasını kənara çəkdi və bir qaranlıq guşədə oturdu. Bu laübalı övza Osmanı dərin fikirlərə sövq etdi... Can qorxusu artdıqca insanların eyş və işrət düşgünü olması onu heyrətə gətirdi. Öz-özünə dedi: “Bax, inqilab olur, qanlar içində yenilik doğur; bunu dərk etməyənlər də var”. Bir də “inqilab” sözü ona bir coşqunluq verdi, mətin bir hiss vücuduna yayıldı – fərəhləndi, 200 qəviləşdi. Əsəbi bir halda əllərini ovxaladı, içini çəkdi: “Ah, inqilabdan nələr doğacaq, nələr doğacaq!” – dedi və ayağa qalxmaq istədi, bir də kənardan bir salam səsi eşitdi. Diksinib başını döndərdikdə, cavahirfiruşun xanımı Lidanı gördü. Lida xanım totuq üzündə məlahətli bir təbəssüm oynatdı. – Siz nə vaxt buraya gəldiniz? – dedi. Osman nə qədər sərt təbiətə malik idisə də, xanımın təbəssümündən yumşaldı və ciddi simasına qəribə bir xoşluq gəldi, dedi: – İndicə gəldim. Xanım daha da cürətli səslə: – Biz neçə gündür ki, buradayıq. Vaxtımızın necə keçdiyini görürsünüz. Osman maraqlandı, qalxıb xanımın yanında oturdu və söhbətlə məşğul etməyə çalışdı: – Deməli, həyatdan kam alırsınız. – Elə! Haqqımız yoxmu? – Bəlkə də var. – “Bəlkə” nə üçün? – Kim bilir. – Aydın söyləyiniz! –?! – Məndə maraq oyatdınız, indi də söyləmək istəmirsiniz. Zərər yox, intiqam alacağam! – Çoxmu kinlisiniz? – Ah, bilsəniz... Osman həsrətlə xanıma baxdı. Nəzərlər tuşlaşdı, xanım başını aşağı saldı və əlindəki dəsmalını oynatmağa başladısa da, Osmanın nəzərini üzərində hiss edərək, cilvələnirdi. Bir də Osman qəti bir səslə dedi: – Cəvahirçinizi görmürəm, burada yoxdurmu? Xanım başını qaldırdı, gənci sərzənişli bir nəzərdən keçirdi. Osman bir az da cəsarətli: – Yalanmı söylədim? – Həmişə səhv edirsiniz! – Nədən? – Məni tanımırsınız. – Bəlkə də səhv eləyirəm... Xanım sükuta qərq oldu və cavanın sözlərindən o qədər mükəddər oldu ki, yaş onu boğdu. Osman məsələni anladı, sözləri ilə xanımın yaralı nöqtəsinə toxunduğunu duydu. O saat səsinə mülayimlik gəldi: – Məni əfv ediniz, zarafat eləyirəm, – dedi. Xanım bu sözlərdən daha da kövrəldi və tutqun səslə söylədi: – Siz bilirsiniz ki, mən onun xanımı deyiləm, zatən aramızda iyirmi yaş fərq var... Ancaq bir parça çörək üçün evinə iltica etmişəm... Osman təkrar: – Məni bağışlamanızı rica edirəm. Bilirsiniz ki, sizinlə tanış olduğum cəmi iki aydır. İki ayın müddətində tanışlarımızın evində üç dəfə görüşdük. Bu vaxta qədər sizi tanımadığımdan səhv edə bilərdim. Ancaq əmin olunuz ki, sizi təhqir etmək niyyətində deyildim. Lida xanım həzin-həzin ağladı. Ümumi nəşə içində bu qaranlıq guşə faciəli bir şəkil aldı. Osman da kövrəldi. Fəqir ailəyə mənsub bir gözəl xanımın qoca bir cavahirçinin əsiri olduğunu xatırladıqca ürəyində ona qarşı dərin-dərin hörmətlər bəsləməyə başladı. Ehmal bir surətdə xanımın qoluna girdi. Onu oxşamağa və könlünü almağa çalışdı. Osmanın səmimi sözlərində, hərarətli rəftarında xanım yaralarına məlhəm tapdı. Kimsəsiz quş budağa sığınan kimi, ona sığındı, oxşandı. * * * Bir saat sonra top səsləri ətrafı bürüdü. Osman zirzəmini tərk edib getdi və çox çəkmədi geri döndü. Xanıma yavaş səslə anlatdı: – Şəhərə yeni bolşevik qüvvələri hücum edir. Sabah tezdən, heç şübhəsiz, bizimkilər burada olacaqlar. Durmaq zamanı deyil, gedirəm. Şəhərin daxilində təşkilat yapmalıdır. Lida xanım hövlnak onun qolundan yapışdı. – Getməyin! – dedi, – göydən od yağır, başınıza bir iş gələr. Osman mətanətli bir səslə: – Qorxmayınız! Sabah görüşəcəyik. Sizin şəxsi və bizim ümumi inqilabların zəfəri üçün çalışmamız lazımdır! Xanım göz yaşları ilə Osmana söykəndi, başını köksünə qoydu və sızıltı ilə dedi: Başınıza bir iş gəlsə mən ölərəm! Osman xoş bir təbəssümlə xanımın alnından öpdü və dedi: – Əziz yoldaşım, vəzifə məni çağırır. Sabah səadət günüdür. * * * O biri gün Kiyev bolşeviklərə təslim edildi. Ukrayna hökuməti, Rada və ordu Jitomir yolu ilə qərbə çəkilmişdi. Şəhərdə Şura hökuməti təsis edildi. Bir neçə gün keçmiş böyük nümayiş yapıldı. Ukrayna millətçiləri tərəfindən öldürülmüş yüz on yeddi bolşevikin dəfn mərasimi oldu. Minlərcə işçilər iştirak etdi, hər tərəf qırmızı bayrağa donandı. Lida bu neçə gündə Osmandan heç bir xəbər ala bilmədi. Divanə kimi küçələri gəzib, ətrafa baxırdı, görə bilmirdi. Bir gün sabiq gürcü meyxanasının qarşısından keçərkən dalandara rast gəldi. Dalandar Lida xanıma bir məktub olduğunu söylədi. Alıb, cəld göz gəzdirdikdə, Osmanın imzası gözünə sataşdı... Xanımın rəngi üzündən götürüldü, dodaqları titrədi və təkrar-təkrar məktuba göz gəzdirdi. Osman yaralanmış, xəstəxanada yatırmış; Lida xanımı görməyi arzu etmiş. * * * Kiçik bir çarpayıda yalnız bir xəstə yastığa söykənmişdi. Sağ qolu sarılı idi. Yanında sadə geyinmiş bir xanım oturub, həsrətli gözlərini xəstənin üzünə dikmişdi. Heç birinin halında həyəcan əlamətləri yox idi. Xəstənin yarası qorxulu deyildi: güllə çiynindən dəyib, o tərəfdən çıxmışdı, sümüyə xətər yetişməmişdi. Gənc xəstə xanımın əlini əlinə alıb dedi:! – İnqilab qazandı, inqilabdan mənə gözəl bir xatirə qalmasını istərdim. Xanım əvvəl anlamadı, gülümsədi. Xəstə təkrar: – Lida, azad bir qadın sifəti ilə həyatıma yoldaşlıq etməni istərdim. İnqilab bütün əsarətə qələbə çalan kimi, sənə də azadəlik bəxş etdi. İndi arzuna xidmət etmək istərəm. Lida xanımın üzünə qan vurdu, iztirabla başını qaldırıb, Osmana zənlə baxdı. Uzun kirpikləri yaşlara batmışdı... 1926 * * * Qoz ağacı Hər ilki kimi, bu il də Məşədi Xonku məhərrəmə hazırlaşırdı. Köhnə katbini sandıqdan çıxardıb, xəzlərini güvədən təmizləmişdi, sarıq və qurşaq üçün tədarük olunmuş şal parçalarını günə sərmiş, uzunboğaz çəkmələr piylənmiş, qılıncın da pasına qarşı tədbirlər görülmüşdü. Məşədi Xonku ilə arvadı Güldəstə “sonsuz” idilər. Bunlar ağalarından bir təmənnada bulunmuşdular: – Ya ağa, – demişdilər, – nəzir eləyirik, bizə bir uşaq ver, hər il sənə qulluq eləyək. Odur ki, neçə il idi, Məşədi Xonku Yezid şəbihi olur, Güldəstə də aşura günü “ələmdar” və “ağ köynək”lərə albuxara suyu paylayırdı. Bu neçə ildə ağa “sonsuz”ların könlünü almamışdısa da, yenə onlar ağalarına qarşı sədaqətlərində davam etmədə idilər. Lakin bu il Güldəstə bir az tərəddüd içində idi: elə bil (dilim-ağzım qurusun!) ağasının kəramətindən şübhələnən kimi də olmuşdu. Odur ki, Məşədi Xonku üç gündən bəri hazırlıq gördüyü halda, Güldəstə laqeyd görünür, albuxara tədarükü belə görməmişdi. Bir-iki gün əvvəl Güldəstə qonşuları ilə dalaşdıqda onu “sonsuz” deyə təhqir etmişdilər. “Sonsuz”un nə olduğunu bilirsinizmi? – Güldəstənin övladı yoxdur, günün birində öləcək, onun ocağını qalayıb çırağını yandıran olmayacaq. Xalq arasında müqəddəs sanılan nəsil ocağı sönəcək, məhv olacaq. Bütün Azərbaycan qadınları üçün böyük bir töhmət ədd olunan bu “sonsuzluq” Güldəstəni də çox həyəcana gətirmişdi. Bu neçə ildə bütün güman gələn yerlərə: baxıcılara, pirlərə müraciət etmişdi, səfər ayının axır çərşənbəsi axar su üzərindən atlamışdı, qurd dərisinin altından keçmişdi... heç biri də dərdinə dərman verməmişdi. Bu gün bədbin bir halda pəncərəyə söykənib, həyətə baxa-baxa ağlayırdı. Güldəstənin titrək dodaqlarından yenə daim söylədiyi sözlər tökülürdü: “Dedim” kişi, qoz ağacı əkmə, düşər-düşməzi olar. Qulaq vermədi. İndi neçə ilin arvadıyam, heç bir şeyin yiyəsi deyiləm. İt üstümə ayaq atladır...” Qonşunun təhqiramiz sözü yenə Güldəstənin yadına düşdü. Biçarə göz yaşları axıtmasında davam etdi. O biri otaqda Məşədi Xonku nümunə üçün geyinirdi, hər şey yolunda idi, bircə çəkmələr ayağını sıxırdı: keçən ildən taxtapuşdan asılı qalıb qurumuşdu. Nə isə, geyindi, şal əmmaməni başına qoydu, yalnız alnına lələyi taxa bilmədi. Zatən, hər ilki kimi, burada Güldəstənin köməyi lazım idi. Çağırdı: – Güldəstə, Güldəstə. Arvad səs belə vermədi. Məşədi Xonku bir də çağırdı, axırda “görəsən necə oldu” deyə o biri otağa keçdi... Bir də, Güldəstəni laqeyd bir halda pəncərəyə söykənmiş gördü. Məşədi acıqlandı: – Səsimə niyə cavab vermirsən? – dedi. Güldəstə kövrəldi: – Səs versəm yaram sağalacaqmı? Məni “sonsuz” qoydun... Güldəstəni yaş boğdu. Ağladı, hönkürdü və yaşlar arasında boğunuq səslə dedi: – Dedim qoz ağacı əkmə, düşər-düşməzi olar. Əkdin. İndi çək altını... ağa da bizi yaddan çıxartdı. – Axmaq, bu əziz günlərdə şəkk eləmə, – deyə Məşədi hiddətləndi və gözlərini Güldəstəyə zillədi. Güldəstə hirslə dönüb, otaqdan çıxmaq istədikdə Məşədi onun qolundan yapışdı və o biri əlini belinə atıb dedi: – And olsun, sabahkı günün şərəfinə, başını bu qılınca qurban elərəm. Güldəstə ərinin kirimindən nə anladısa, susdu və hərəkətsiz durub qaldı. Bir-iki dəqiqə belə keçdi. Məşədi Xonkunun hirsi soyudu və əlini Güldəstədən çəkib, o biri otağa keçdi. * * * Aşura büsatı bütün dəbdəbəsi ilə başlamada idi: meydanın hər tərəfində ağlar cırılıb, kəfənlər tikilmədə idi, ortada xeyməgah düzəlirdi; tuğ şığıyıb, nəzir yığırdı, bir guşədə quyruğu hənalı zülcənahı milçəklər haldan salmışdı; Müslimin balaları mürgü döyürdülər... Bunların hamısından maraqlı Hacı Vəlinin Yezid şəbihi üçün neçə il əvvəl vəqf etdiyi taxtın əhvalatı idi: yazıq taxt vecdən düşmüş, daha işə gəlmirdi. Taxtalar quruyub gödəlmişdi, artıq dəstəklərə yetişmirdi. Odur ki, möminlər taxtın ətrafına toplanıb, taxtaları kəndirlə taxta sarımada idilər. Məşədi Xonku da orada idi, geyinib hazırlanmışdı. Güldəstə lələyi əmmamənin qabağına qondarmağı da unutmamışdı. “Ər-arvadın dalaşı – yaz gününün yağışı”. Təbiidir ki, Məşədi ilə Güldəstə barışmışdılar. Güldəstə dünən axşamdan albuxara suyu belə hazırlayıb, bu gün meydana gətirmişdi. Qətil sınmağa başladı. Yüzlərcə gorda və xəncərlər Əli şiələrinin mərmər başlarına enib-qalxmaqda idi; lalə kəfənlər dünyanı bürümüşdü. Ələmdarlar kotan dəmirləri və xəncərlər altında ağır-ağır nəfəs alaraq dəstə ilə gedirdilər. Dərilərindən asılan güzgülər parıldaşırdı. Yezidin taxtını möminlər çiyinlərində qaldırdılar; xalı ilə bəzənmişdi. Yezidin önündə bir sərpuş, yanında iki “haçar nişan” (realni məktəbinin şagirdləri) başına çətir tutmuşdular. Taxt meydanın ortasına çatmada idi, bir də “xeyməgah” odlandı; zikr başlandı: “xeyməgahə od düşəndə od düşəydi aləmə, yandıraydı aləmi övladi-peyğəmbər qanlısı! Ku Hüseynimə! Va Hüseynimə!..” Minlərcə adamların hönkürtüsü bir-birinə qarışdı. Birdən bir gurultu gəldi, bir dəqiqədə ətraf sükuta qərq oldu. Yezidin taxtının taxtaları qaçmış, Məşədi Xonku “hacar nişan”larla bərabər başı üstə yerə düşmüşdü. Bir az keçmədi, meydan bir-birinə dəydi: xeyməgah və zülcənah unuduldu. Haris Müslüm balalarını buraxıb, özünü hadisə olan yerə verdi. Basa-bas düşdü. Əhvalatdan xəbərdar olmaq üçün Səkinə ilə Zeynəb arasında deyişmə belə düşdü, ortalıqda isə yumruq Əli Əkbərə dəydi. Axırda övzadan hamı xəbərdar oldu, yazıq Güldəstə də vay xəbərini bildi: Taxtdan düşdükdə “Yezidin” başı daşa dəyib ölmüşdü. Güldəstə üzünü cıra-cıra deyirdi: – Dedim, kişi, qoz ağacı əkmə, düşər-düşməzi olar. Qulaq vermədi... İndi altını çəkirik. 1926 * * * “Yaramaz” Muxtar cəbhədən yeni qayıtmışdı. Bir aylıq məzuniyyətini böyük şəhərdə keçirmək niyyətində idi. Cəbhənin yekrəng həyatı onu istər cismən, istərsə də ruhən yormuşdu. Kitabsızlıq dərdi iki ildən bəri mənəviyyatında bir aclıq əmələ gətirmişdi. Birinci məqsədi bu bir aydan istifadə edib oxumaq, oxumaq və yenə oxumaq idi. Axşam çağı əlində böyük bir cild olduğu halda qəhvəxanaların birinə getdi. İçəri girər-girməz oradakı qız və xanımların nəzərini özünə cəlb etdi. Qara, iri və həmişə kədərli gözləri buğdayı üzünə çox yaraşırdı, şapkasının altından görünən qıvrım tükləri simasına şairanə bir süs bəxş edirdi. Zemstvo əməkdaşlarına məxsus əsgəri libası və sağ köksündəki darülfünun nişanı təbii gözəlliyinə xoş bir görkəm əlavə edirdi. Dilbərlərin nəzərləri Muxtarı qəhvəxananın yuxarı başına qədər təşyi etdi. Orada düşüncəli və xəstə bir halla kürsünün üstə əyləşdi. Yanına gələn qarson bir dəqiqə fikrini dağıtdı. Yumurta və qatıq ismarladı, sonra kitaba daldı. Kim bilir, Muxtar hansı fəlsəfi məsələnin həlli üçün çalışırdı, hansı ruhi böhranlara dalıb qalmışdı. Bir də kitabdan aralandı... Qəmli gözlərinə bir şadlıq gəldi. Yan masada aydın gözlü, totuq bir xanımla bir məktəb qızı oturmuşdu. Qara gözləri onlara sataşdı və əsrarəngiz bir dillə bir-biri ilə görüşdü, sevişdi... Fəlsəfə və mənəvi böhran unuduldu, aydın gözlər Muxtarın dəruni clığına ruhi qidalar verməyə başladı; xəfif və şirin hisslər onu həyəcana gətirdi. Xanım gənc idi – yaşının on yeddidən yuxarı olmaması aşkar idi. Yeni evləndiyi də üzüyünün parlaqlığından bəlli idi. Muxtar özünə malik ola bilmədi, bir də xanıma baxdı və baxışındakı həsrət və hisslərini xanıma da təlqin etdi. Aydın gözlər dadlı təbəssümlə süsləndi, yaldızlandı və elə füsunkar bir şəkil aldı ki, Muxtarın iradəsi sarsıldı. Xanım məktəb qızı ilə söhbətə məşğul idi. Şəkərin yoxluğundan əhs açılmışdı. – Bilirsən, – deyirdi, – bir həftədir çayı şirni ilə içirəm. Mənə bir girvənkə şəkər tapanı... öpərəm! Məktəb qızı güldü, qızardı. Lakin xanımın sözlərinin əsil mənasını anlamadı. Muxtar oxun hansı hədəfə tuşlanmasını duyub gülümsündü. O zaman Rusiyanın bütün var-yoxu cəbhəyə toplanmışdı. Daxildəki ərzaq böhranı cəbhədə hiss olunmurdu. Muxtar cəbhədən gəlmə zemstvo əməkdaşı olduğu üçün ərzaq böhranından uzaq idi və onun üçün bir girvənkə deyil, yarım put şəkər tapmaq belə mümkün olan şeylərdən idi. Xanım bunu bilirdi və doğrudan-doğruya Muxtara işarə edirdi. Xanım sözünü qurtarcaq gözəl bir təbəssümlə baxdı və cazibəli ədası Muxtara cürət verdi: – Əfv buyurunuz! – dedi, – müsaidə ediniz sizə şəkər göndərim. Xanım qızardı və razı olduğunu üzünün hərəkəti ilə bildirdi. Muxtar daha da cürətlə: – Müsaidə ediniz, adresinizi yazım – dedi; bir də aradakı məsafənin mane olacağını düşünüb, – izin verin, adres yazmaq üçün masanıza keçim, – deyə əlavə etdi. Xanım gülə-gülə başını tərpətdi və eşidilməz bir səslə: – Buyurun! – dedi. Muxtar, sandalyasını xanımın masasına yaxınlaşdırdı və bir dəqiqədə yeməklərini də daşıyıb orada yerləşdi. Adres yazılmışdı, indi artıq köhnə tanışlar kimi şirin-şirin danışırdılar. Xanım yaşlı bir minbaşı ilə evli imiş. Özü istəmədiyi halda anasının israrı ilə ərə getmiş. Əri onu çox sevər, bütün mal və dövlətini ona sərf etmədən geri çəkinməz. Əlan cəbhədədir və on gündən sonra məzuniyyətə qayıdacaq. Bir də çocuqlara məxsus əda ilə ağzını büzdü və nazlı bir səslə dedi: – Ərim məni öpmək və oxşamaqdan başqa bir şey bilmir. Mən də bunlardan xoşlanmıram. Top-top oynamaq, bağda və meşədə yoldaşlarla yüyürüşüb bağırışmaq istəyirəm... Sözünü qurtarmamış qəhqəhə çəkib güldü və bir də əlini məsum bir surətdə Muxtarın əlinin üstünə qoyub sordu: – Top-top oynamaq bilirsinizmi? Muxtar güldü: – Bilirəm, – dedi. – Bir gün oynayaqmı? – Oynayaq. Xanım ciddi və sevincli bir sima ilə Muxtarın qolundan dartdı və təkidlə dedi: – Bax, unutmayacaqsınız ha!.. Sora sizdən küsərəm. Muxtar xanımın bu qədər sadəlövh və çocuq təbiətli olduğundan son dərəcə məmnun idi. Qalın dəmirlər arxasında saxlanılan bir dustağa bahar kəpənəyinin gəlişi nə qədər ləzzət verərsə fəlsəfə və mücərrəd fikir zəncirlərinə bağlanmış Muxtara da bu günahsız xanım bir o qədər ləzzət verdi. Xanım danışdıqca, elə bil, ağ və incə əlləri ilə rasionalizm və skeptisizm zəncirlərini qırır, sanki Muxtar yüngülyüngül nəfəs almağa başlayırdı. * * * Getdikcə söhbət şirinləşdi və aralıqda məktəb qızı unuduldu. Onun orada oturmasının lüzumsuz olduğunu zatən qızın özü də anladı. Çırpıntıları bir-birinə qarışmış iki ürək, hüdudları çoxdan ləğv etmiş iki ruh yanında, üçüncü və yabancı bir şəxsiyyətin lüzumundan bəhs ola bilərdimi? Məktəb qızı ayağa durdu, əl verib getdi. Bu gediş kimsəni heyrətə salmadı, bəlkə heç də hiss olunmadı. Bir az keçmiş Muxtar da xanımla qəhvəxananı tərk etdi. Mayisin dadlı gecələrindən idi. Küçədə onları yasəmən və kəstanə çiçəklərinin rayihəsi əhatə etdi. Həyatbəxş və həssas bir hava onlara təmas edərkən qıdıqlandırdı, coşdurdu. Muxtar xanımın çılpaq və totuq qoluna ərklə girib, faytona mindirdi. Təbii bir səmimiyyətlə yan-yana oturdular və xanım gözləri ilə ona mənalı duyğular təlqin etdi. Aydın gözlər qaralara səssiz və sözsüz olaraq dərin-dərin sirlər söylərkən xanım dedi: – Bilirsiniz, nazım nə istərsə onu edərəm... Bundan sonra mən sizə müraciət edərkən “Muxtarım” deyəcəyəm. Kefim bunu tələb edir! Muxtar bu sözlərdən xoşlanıb, xanımın körpə əlini yanıqlı bir halda dodaqlarına basdı. Xanım sakit və qürurla sözlərinə davam edirdi: – Muxtarım, ərim məktub yazanda həmişə bu cümləni yaddan çıxarmır: “Olqa, evdən yalnız çıxma–yaramaza rast gələrsən də, aldadar” – deyir... Muxtarım, ərimin qorxduğu yaramaz sizsiniz! Qətiyyətlə söylənən bu sözlərdən sonra xanım susdu və gözlərini Muxtarın gözlərindən çəkmədi. Muxtarın nəşəli çöhrəsinə bir tutqunluq gəldi. Anlaşılmaz bir acı vücuduna yayıldı, əlini yavaşca xanımın əlindən çəkdi. Evə qədər heç bir söhbət olmadı. * * * Faytonu xanım bir az kənarda saxlatdı; qapıya qədər piyada getmək istədi. Bir də Muxtarın qoluna girdi və ərklə: – Sabah saat ikidə Muxtarımı gözləyəcəyəm. Sonra meşəyə gedəcəyik və top-top oynayacağıq... Kefim belə istəyir, bu olacaq! Elə deyilmi? Muxtar müti bir halda: – Əlbəttə! – dedi. Xanım əlini uzatdı. Muxtar onu bərk-bərk öpdükdən sonra yanaqlarına və qulaqlarına basdı. * * * Muxtar otel xidmətçisini çağırdı: – Sabah tezdən bu şəkəri aparıb, Turgenev küçəsində 17 nömrəli evdə Olqa Petrovaya verərsiniz, – dedi. Xidmətçi şəkər torbasını alıb getdi və Muxtar da çarpayısının üstündə uzandı. Yuxusu yox idi. Yenə dərin bir böhran içində idi. Moral buludları lay-lay durub, ölüm saçan şimşəklərini onun ətrafında sınayırdı. Muxtar çox mənəvi böhran keçirmişdi, lakin bu hamısından dəhşətli idi. Məsələ iki fəlsəfi fikir qarşısındakı tərəddüddən ibarət deyil idi – əxlaqmı, əxlaqsızlıqmı? Vəfamı, yoxsa vəfasızlıqmı? Ailə qüdsiyyətimi, ona təcavüzmü?.. – kimi düşüncələrin bir-biri ilə mücadələsindən ibarət idi. Bir də yüngül bir təbəssüm üzünə yayıldı. Olqanın məsum siması görünüb nurlar saçmağa başladı, incə qanadlı nəşələr, qəhqəhələr havanı doldurdu. Bu mənzərə uzun sürmədi: qorxunc buludlar təkrar toplanıb günəşi qaranlıqlarda gizlətdi. Zülmət qopdu, şimşəklər şığıyıb ətrafı titrətdi... Muxtar başını yastığa soxdu... Bir də ruhunda bir sakitlik əmələ gəldi. İztirabı susdu. Ailə qüdsiyyəti qələbə çalmışdı... Muxtar sabah meşəyə getməyəcəyini və Olqa ilə heç görüşməyəcəyini qərarlaşdırdı. Sonra məmnun bir halda soyunub yatağına girdi. Lakin... sabaha qədər yata bilmədi, tərəddüd yenə hökmfərma idi. * * * Bir il sonra Muxtar yenə məzunən şəhərə gəlmişdi. Yenə bir axşam eyni qəhvəxanaya gedərkən Olqanı yadına saldı. Çoxdan unudulmuş bu simanı bahar rayihəsi yeni bir qüvvətlə xatırlatdı. Bu ilki Muxtar keçən ilki Muxtarı məzəmmət etməyə başladı. Nəticədə dərin bir peşmanlıq vücuda gəldi. Yenidən böhran törədi. O axşamı Muxtar uyumayaraq, həp düşündü. Keçib getmiş bir təsadüfü bütün təfərrüatı ilə zehnində canlandırdı və həllinə çalışdı. Səadətin cilvələrindən istifadə edə bilməməsi onu acı əzablara sövq etdi. Axırda Turgenev küçəsinə getməyi qərara aldı. O biri gün 17 nömrəli evin qapısına yetişdikdə Muxtar özündə anlaşılmaz bir həyəcan duydu. Darvazanın zəngini çaldı; dalandar çıxana qədər həyəcanı davam edirdi. Uzunsaqqal dalandar “Olqa Petrova” – deyə düşünüb öz-özünə təkrar etdi və sonra qəti surətdə başını buladı: – Burada belə bir adam yaşamır! – dedi. Muxtar tərəddüdlə: – Bəlkə kitabda qeydi var? – Bəlkə də, bu saat baxaram. Dalandar yan-yörəsi getmiş böyük kitabı vərəqlədi və axırda Olqa Petrovanın çoxdan evi tərk etdiyi bəlli oldu. Muxtar məyus bir halda soruşdu: – Getdiyi yer məlum deyilmi? Dalandar onu təşyi edə-edə: – Haradan məlum olacaq ki? – dedi və adəti üzrə çubuğunu doldurub damağına aldı. Muxtar əsəbi addımlarla evdən uzaqlaşaraq bədbin hisslərə daldı. * * * İnqilabın ilk dövrü idi. Ümumi sarsıntı hər şeyi yıxmaq üzrə idi. Dalğa Muxtarı da devirib, Odessaya atmışdı, vətəninə getmək üçün gəmi gözləyirdi. Bir gün sabah ertə qəzeti gözdən keçirdiyi zaman duruxdu, diqqətlə baxdı və inanmadı: “Olqa Petrova adlı bir qadın ərinin vəfatından sonra tənhalığa təhəmmül edə bilməyib, kədərindən dünən axşam zəhər içmiş və ölümcül bir halda ikinci şəhər xəstəxanasına aparılmışdır” sözləri yazılmışdı. Muxtar təkrar oxudu, yenə inanmadı. Qəzeti kənara qoyub anlaşılmaz fikirlərə daldı. Dərdləndi, ürəyində bir sancı duydu. O dəqiqələr Olqa onun üçün pak bir mələk kimi idi, ona qarşı ömründə heç bir qadına bəsləmədiyi hisslər bəsləməyə başladı. Bir də onda yüksək bir arzu vücuda gəldi – Olqanı xəstəxanada ziyarət etməyi və son dəfə olaraq qardaş hissi ilə ayrılmağı qərara aldı. Durub getdi. Çiçək mağazasında böyük bir dəmət hazırlatdı. Muxtar xəstəxananın pilləkənlərini sürətlə çıxdı. Uzun koridora girdi və xəstənin otağına girmədən əvvəl duruxdu: onda acı bir tərəddüd əmələ gəlmişdi. Düşündü, qəti bir nəticəyə gələ bilmədi. Bir də müztərib bir halda qonşu otağa girdi və növbətçi xanıma müraciətlə: – Bir ricam var, lütfən bu çiçəkləri Olqa Petrovaya göndəriniz, – dedi. Xanım aldı və cavabında: – Kim göndərir? Muxtar bir az duruxdu, özünü itirdi, düşündü. Qadın təkrar soruşdu: – Adınız nədir? Muxtar cavab verməkdən aciz qalaraq, qızardı, bozardı və cəld dedi: – Heç, özü bilir. Muxtar ağır bir imtahandan keçən kimi yorulmuş halda xəstəxananı tərk etdi. Bədənini tər basmışdı. Yenə iztirab dumanları ürəyini bürümədə idi. 1926 * * * “Namussuz” Onu məktəbdən ayırdılar. Bacılıqları ilə son dəfə öpüşürdü. Ayrılıq həyəcanı vücudunu tutmuşdu. Odlu yaş damlaları yuvarlanıb, kirpiklərinin arasında toplanmışdı. – Ağlama! – dedilər, – göz yaşından bir şey çıxmaz... Ağladı. Böyük kədərlərinin tərcümanı olan göz yaşları gül kimi yanaqlarını odladı. Yalnız yüksək bir əməldən, əziz bir şəxsiyyətdən ayrılarkən insan bu qədər mükəddər olur. Məktəbin günahsız mühiti, arqadaşlarının səmimiyyəti Nigar tərəfindən o qədər sevilmiş və mənimsənmişdi ki, ondan uzaqlaşmaq ağır idi. Kənarda məktəb divarına söykənən qızlardan birisi iztirablı bir səslə: – Nigar! – dedi, – günah səndədir. Mən olsa idim qətiyyən getməzdim. Nə ərə getmək vaxtıdır?!. O da – sevmədiyin bir adama. Nigar hönkürdü və tutqun sima ilə: – Getməyə bilmərəm, anam və qardaşlarım belə məsləhət görürlər... Nişan taxıldı. Nigara bir çox altun zinətlər və qiymətli daşlar gəldi. İpək libaslar hazırlandı. İncə, işıldar ayaqqabılar, daha nələr, daha nələr verildi. Göz yaşları quruyan kimi oldu. Zəngin və təntənəli bir həyatın müqəddiməsi başlayırdı. Nişanlısı, təbii, varlı idi. Uca evləri, neft mədənləri, nəqd parası həddən aşmışdı. Nigarı da məktəbdən ayıran, onun cavanlığının zövq və nəşəsinə göz dikən bu maddi qüvvə idi. * * * Məhəmmədbəy yaşayış və ömürdən yorulmuş idi. On beş ildən bəri kef aləmində çox pul sərf etmiş, cismani arzuların dəfi üçün nə lazım isə, yerinə yetirmişdi. Bircə... ailə həyatının əsrarəngiz təmizliyini görməmişdi. Yuva hərarətini, yuva eşqini, yuva səmimiyyətini dadmamışdı. Nigar kimi, qızlar bulağından yeni su içmiş, incə bir dilbər ilə evlənməsi onun quru və sönük ürəyinə təzə hisslər doldururdu. İlk axşamı görüşərkən özündə anlaşılmaz bir iztirab belə duydu. – Mən çox xoşbəxt bir adamam ki, Allah sizi mənə qismət elədi... – dedi. Məhəmmədbəy bir şeylər daha söyləmək istədisə də, ürək döyünməsi imkan vermədi. Onu fikir götürdü. Heyrətdə qaldı – gənc və məsum bir oğlan vəziyyətində idi. “Nədən?” – deyə öz-özünə sual verdi: “Ömrümdə yüzlərcə arvad gördüm, hədsiz keflər çəkdim. O qədər yoruldum ki, qarşımdakı işvəli, fitnəli gözəllər cansız və ruhsuz bir sənəm şəklini aldı. Heç bir hiss duymamağa başladım... İndi nə üçün özümdən on beş yaş kiçik bir qızın önündə titrəyirəm?” Məhəmmədbəy sualına cavab tapa bilmədi. Lakin ona qorxu təlqin edən, vücudunu lərzəyə salan məsum bir qızın paklığı idi. Nigar onun üçün sirr ilə əhatə olunmuş bir mələyə bənzəyirdi, üzündə gənclik təravəti o qədər şəşəəli idi, danışanda səsində bəkarət canlanır, süslənirdi. Məhəmmədbəy tam bir ay anlaşılmaz bir səadət içində bulundu, Föhş aləminin iyrənc və çirkin olduğunu dəfələrlə etiraf etdi. Bu bir y pula deyil, təmiz bir ürəyə, səmimi arqadaşlığ istinadən xoş keçdi. Axşamlar evə döndükdə yolunu gözləyən Nigarın iztirabını duyurdu. Bu dəqiqələr nə qədər lətif olur. “Nigar onu gözləmiş, dəqiqələr bəlkə aylarca uzun görünmüş” – deyə düşünür və Məhəmmədbəyə nə zövqlər gəlir. Bəxtiyarlığın da bu olduğunu dərk etməyə başlayır. Lakin... Bu həyat da əsrarını qeyb etdi, söndü və son incə tüstüsü bulanıq mühitə qarışıb getdi. Nigar da yüzlərcə başqa qadınlar kimi cansız və ruhsuz bir sənəm şəklini aldı. Yuvadakı eşq və hərarət artıqm Məhəmmədbəyi cəlb etməkdən aciz qaldı. * * * Kef aləmi yenə davam etmədə idi. Qumar masaları açılırdı. Sabahlara qədər sürürdü. Şantanlarda şərab axıdılır, föhş qadınları Məhəmmədbəyi əhatə edərək əyləndirirdilər. Süni busələr, süni təbəssümlər, saxta rəftar hökmfərma idi. Nigar unudulmuş bir halda kənarda ömür keçirirdi. Yenə evin xanımı idi: buyurur, yeyir, içir, geyir, lakin Məhəmmədbəyə hakim deyil idi. Nüfuzu onun ürəyinə yol tapa bilmirdi. Məhəmmədbəyin ürəyi varmıdı? O həyəcan və iztirab duya bilirdimi? Xeyr! Bütün əyləncələr: şərab, qadın, musiqi onun varlığının səthində sürüşüb, gedirdilər. Bu qədər! Varlıq və işsizlik Məhəmmədbəyin dəruni aləmində bir boşluq hüsula gətirmişdi. Bu boşluğu doldurmaq üçün əylənirdi. Əyləndikcə də boşluq artırdı. Nigar bu həyata alışmışdı. Bir dəfəlik, talesizliyini etiraf edib, qane olmuşdu. Məhəmmədbəyin uzaq əqrəbalarından Hüseyn adlı bir tələbə onlarda yaşayırdı. Qayət ciddi, evdar və Nigara hörmət bəsləyən bir cavan idi. Nigar da yaşıdı olan Hüseynə ürəyində anlaşılmaz hisslər bəsləyirdi. Hüseyn Nigarın evində böyümüşdü, əxlaq və tövrünə aşina idi, ona nüfuz edə bilirdi və heç bir zaman da ondan qaba bir hərəkət və münasibətsizlik baş verməmişdi. Bu səbəbdəndir ki, Məhəmmədbəy uzun axşamları kef yerlərində dolaşarkən Hüseyn Nigarla bərabər oturub həmişə onu xoş söz və söhbətlə, etina və hörmətlə məşğul edirdi. (Bu iki cavan arasındakı dostluq olduqca təmiz və təmizliklə bərabər anlaşılmaz idi). Hüseynin təsadüfən evdə olmaması Nigarda dərin bir ürək sıxıntısı vücuda gətirirdi. * * * Zahirən təntənəli görünən bir dağın döşünü dəlib çıxan vulkan kimi köhnə aləmin köksündən inqilab alovu qalxıb dünyanı bürüdü. Saraylar, kaşanələr, dəbdəbələr, möcüzanə bir qüvvə ilə yıxılıb getdi. Bu böyük tufanda Məhəmmədbəyin də şəşəəli həyatı ildırım qarşısındakı çürük ağac kimi qopub düşdü. Uca evlərdən qaranlıq və rütubətli bir otağa keçmək məcburiyyəti hasil oldu. Bütün əmlakı əlindən getdi. Kef aləmi, saxta ürəkli qadınlar şampan nəşəsi kimi qaib oldu. Yalnız Nigarla Hüseyn onu tərk etmədilər. İnqilab yıxdı, yakdı və müəzzəm bir bina üçün zəmin hazırlarkən, yeni quruluşu anlamayan, ona uya bilməyən Məhəmmədbəy kədər içində boğulub, məhv olurdu və kədərini susdurmaq üçün içməyə başladı. Cehizdən gizlənən daş-qaşlar, qızıl, gümüş, hətta paltarlar belə satışa qoyuldu. Hamısı Məhəmmədbəyin araq və məzəsinə getdi. Nəticədə əyyaş və xəstə bir halda yatağa düşdü... * * * Bir gün qapı açıldı. Nigarın böyük qardaşı Əhmədbəy hirslə içəri girdi. Nigar yalnız idi. Məhəmmədbəyin ölümündən sonra evdən çölə çıxmamışdı. Nigar qardaşını qarşıladı: – Xoş gəldin! – dedi. Əhmədbəy düşüncəli: – Sağ ol! – deyib kürsü çəkdi, oturdu. Nigar pilətəni yandırıb, çaydanı üzərinə qoydu... Yemək masasını düzəltməyə başladı. Əhmədbəy yavaş bir səslə: – Nigar, Hüseyn evdə deyilmi? – Yox! – dedi, – qulluqdan gəldi, sonra iclasa getdi. Əhməd bir az sükutdan sonra: – Hüseyn buradan nə vaxt çıxacaq? Nigar gözləmədiyi bu suala birdən cavab verməkdən aciz qaldı. Döyükdü və qardaşını dərin bir düşüncə ilə nəzərdən keçirib dedi: – Çıxacaqmı?.. Niyə? – Necə niyə?.. Bilmirsənmi ki, onun burada sənin yanında qalması yaxşı düşmür. Xalqın ağzını kəsmək olmaz. Nigar heyrətəngiz bir sima ilə baxdı, düşündü və böyük qardaşına fikrini açıq söyləməyə cəsarət eləmədi. Geri döndü və fikirli gözləri ilə pilətəyə diqqət etdi, xodunu azaltdı. Əhməd səsindəki hiddəti gizləyə bilməyən bir təhərlə: – Sən yaxşı bilirsən ki, bizim fəxr elədiyimiz bir şey varsa, o da namuslu bir ailəyə mənsub olduğumuzdur. Gərək elə olsun ki, heç kəs bir şey danışa bilməsin. Nigar yenə dinmədi. Qardaşının nəsihətlərindən məmnun olmadığını gizləmək üçün dolaba doğru yönəldi və stəkan-nəlbəki çıxardı. Əhmədbəy sözlərində davam edirdi: – Sənin fikrini bilmək istəyirdim. Nigar bir az hiddətlə: – Ay Əhməd, mən uşaq deyiləm ki, – dedi, – Allaha şükür otuz yaşım var. – Uşaq deyilsən, amma çox şeyi bilmirsən. Nigar yenə pilətəyə doğru yönəldi və söhbətdən xoşlanmadığını təkrar bildirdi. Əhməd məsələni anlayırdı. Nigarın Hüseyndən ayrılmaq istəmədiyini duydu və o qədər acıqlandı ki, çay içməkdən belə imtina etdi. Sükut uzun müddət davam etdi. Axırda Əhməd açıqca söylədi. – Deməli, Nigar, xalqın dediyi doğrudur: Hüseyni sevirsən, onunla evlənəcəksən. Otağa ağır və mədid bir sükut çökdü. İki tərəf də onu pozmağa cəsarət eləmədi. Nigar oturduğu kürsüyə yapışan kimi tərpənməz bir vəziyyətdə gözlərini masa örtüsünün bir nöqtəsinə dikmişdi. Əhməd bığlarını dişlərinin arasına doldurub, əsəbi bir halda çeynəyirdi. Birdən tutqun bir səslə: – Sən fikir eləmədən, ananın və qardaşlarının rəyini bilmədən ciddi bir işə şüru etməyə necə cəsarət edirsən? Məhəmmədbəyin qapısında böyüyən, əsli, nəsli məlum olmayan bir adama niyyət bağlamaq olarmı? Çox da cavandır, xoşxasiyyətdir... Bilmirsənmi, sənin atan Azərbaycanda ən böyük bəyzadələrə mənsubdur. Nigar ağzını burdu: – Ey, ay Əhməd, nərələrdən danışırsan... O vaxtlar hələ keçmədimi? Son sözlər Əhmədbəyə toxundu, hirsləndi və bağırdı: – Keçmədi, keçməz! Sən əgər namussuzluğu boynuna almaq istəyirsən, elə! Gədənin birinə ərə get. Bundan sonra bizim Nigar adlı bacımız olmadığını da bil! Namussuz qızlara aramızda yer yoxdur!. Əhməd sözlərini qurtarmadan, yerindən dik qalxdı və qapıları birbirinə çırpıb getdi. Nigar əvvəl duruxdu, sonra etidal-dəmlə Hüseynin şəlitə sərilmiş dəsmallarını topladı və ütü çəkməyə hazırlandı. 1926 * * * Ruhnəvaz xanım Dar küçədəki köhnə evin alçaq qapısına bir gənc yanaşıb, zəngi çaldı. İçəridən boğuq bir köpək səsi eşidildi. Sonra sakitlik düşdü. Gənc ikinci dəfə barmağını zəngin düyməsinə qoydu, yenə köpək səsi gəldi. Pilləkəndə ayaq səsi eşidildi; qapı açıldı: – Ooo! Qurbanlı yoldaş, buyurunuz! – deyə qapıdakı Dilarə xanım qonağı içəri dəvət etdi. Qurbanlı içəri girdi və qapını örtərkən içəridə onu rütubət iyi vurdu. Bir tərəfinə odun, köhnə səbət və sandıqlar yığılmış pilləkəndən çıxdı, sol tərəfdəki açıq qapıdan böyük bir salona girdi. Yarıişıq döşəmənin rəngi qopmuş və qaralmış, tavanına su hopmuş bu otaq Qurbanlıya can sıxıntısı verirdi. Salonun ortasındakı əsl rəngini çoxdan itirmiş cırıq müşəmbəli masanın kənarına gələrkən küncdəki yırtıqlarından otlar pırtlayıb çıxmış qoltuğun altında qoca köpək tutqun səslə mırıldadı. Xanımların qonşu otaqda geyinmələrindən istifadə edərək, Qurbanlı toz basmış pianonun üzərində qoyulmuş köhnə çərçivələrə nəzər yetirdi – zadəgana məxsus əcdadın rəsmləri idi; hamısı əsgəri geyinmiş, bir çox hərbi nişanlarla bəzənmişdi... Qurbanlını fikir götürdü. Bu ailənin keçmiş təntənəsi ilə məşğul oldu... “Kim bilir bu piano nə məclislər görmüş, nə ziyafət və dəbdəbələrin şahidi olmuş; dilləri üzərində nə incə, nə həssas barmaqlar oynamış... İndi hər yeri toz basmış, piano da qocalmış, sönmüş...” Qonşu otağın qapısı açıldı, ev sahibi Dilarə xanım gəldi: – Bağışlayın, evimiz darkeşdir, iki otağa sıxılıb qalmışıq. Görürsünüz, bu salona belə çarpayı qoyulmuş. Rəhmətlik zövcüm sağ olsaydı da... Dilarə xanım son sözlərini ah çəkərək dedi və başını aşağı saldı. Bir-iki dəqiqəlik sükutdan sonra qonşu qapı təkrar açıldı və içəri orta boylu, sarı bənizli, qeyri-mütənasib əndamlı bir qız girdi. – Qızım Ruhnəvaz, – deyə Dilarə xanım onu təqdim etdi. Qurbanlı yerindən qalxıb, Ruhnəvaz xanıma qarşı gəldi, baş endirib, əlini sıxdı. Ruhnəvaz xanım ciddi baxışına heç də təğyir verməyərək Qurbanlınınqarşısında oturdu. Xanımlar türkcə bilmədikləri üçün söhbət rusca davam etdi və sükutu ilk pozan Qurbanlı oldu: – Dilarə xanım o qədər lütfkardır ki, neçə dəfə məni qonaq çağırmış, təəssüf ki, məşğuliyyətimin çoxluğundan indiyə qədər sizi ziyarət edə bilməmişəm. Ruhnəvaz xanım dodaqlarında solğun bir təbəssüm oynadaraq dedi: – İndi hər kəs məşğul: anam qulluqda, mən də gündə səkkiz saat məktəblərdə dərslə məşğulam. Çalışmayana çörək yox imiş. – Etiraf etməliyəm ki, belə həyat mənə çox xoş gəlir – tənbəllikdən nə çıxar. – Elədir – deyərək Ruhnəvaz xanım sərt baxışla Qurbanlını gözdən keçirdi və sanki o dəqiqədən etibarən bu gənclə aralarında bir uçurum açıldı. Xalqın geniş təbəqəsindən doğmuş zəhmət şüarını irəli sürən bir gənclə zadəgana məxsus bütün imtiyazlarını qeyd etmiş bir qız qarşı-qarşıya gəldilər. Lakin Qurbanlı məsələni anlamadı: bir mühəndis olaraq hər şeyə hesab nöqteyi-nəzərindən baxmağa öyrənmişdi. Bu axşam ziyarətini də əməli bir çərçivəyə salacağına inandı. Özözünə dedi: “Rühnəvaz xanım ayda iki yüz manat qazanır, üç yüz də mən qazanıram, evlənirsək, ikimizin də həyatı rahatlanar”. Beləcə aydın bir mühakimədən sonra Qurbanlı öz aləmində Ruhnəvazla evlənməyi kəsdirdi. * * * O gündən etibarən Qurbanlı mütəmadi ziyarətlərə davam etdi. Dilarə xanım, təbii, bu ziyarətlərdən çox məmnun idi. Hankı ana qızının ətrafında gənclərin dolanmasını istəməz? Lakin Ruhnəvaz xanım Qurbanlının gəlməsindən heç bir həzz duymurdu. Müəllimliyə uymuş, kitab və dəftərə qərq olmuş bu qız hər şeyə qarşı laqeyd idi. Çocuqluğunda əcnəbi mürəbbilərindən tərbiyə görmüş, bir sürü xidmətçilər və nökərlər qulluğunda, mükəmməl təfrişatlı gözəl evdə böyümüş Ruhnəvaz başqa bir həyata hazırlanarkən, bir də inqilab dalğasına toxunub, bütün ümid və təsəvvürləri sarsılmışdı. Yeni bir həyat başlanıb, üfüqdə yeni məfkurələr doğmuşdu. Ruhnəvaz xanım bu yeni quruluşu lazımınca mənimsəyəmməmişdi; neçə illər davam edən əmr-vaqe hələ ona müvəqqəti kimi gəlirdi. Odur ki, Qurbanlının ziyarətləri onda təğyirlər doğura bilmirdi. Onun varlığı fikirli, zehniyyəti belə Ruhnəvaz üçün müvəqqəti və qeyri-sabit idi. Ruhnəvaz xanım zadəgana mənsubdu, şəcərələri xan sarayından başlayaraq çar sarayına iltihaq etmiş; atası zati həşəmətlərinin xas alayına mənsub olmuş, ailənin bütün həyatı paytaxtda yüksək mühafillərdə keçmişdi. Yalnız böyük inqilab bunları Azərbaycana dönməyə sövq etmişdi. İndi neçə ildir ki, Bakıda Azərbaycan həyatına davam edirlər, onlara büsbütün yabançı olan türk dilini belə öyrənmək məcburiyyətində qaldılar. Təbiidir ki, əməkçilərlə olan rabitələri çox zəif idi, aralarında uçurumlar var idi. Qurbanlı bu uçurumları doldurmağa çalışdı. Uzaqda qalmış bu ailəni kütləyə və hazırkı həyata yaxınlaşdırmaq istədi. Lakin səyləri boşa çıxdı – uzun gedib-gəlmələr heç bir əməli nəticə vermədi. * * * Bir gün Qurbanlı məsələyə aydın bir şəkil vermək istədi, güdüb, Ruhnəvaz xanım evdə yalnız olan zaman onu ziyarət etdi. Oturdular. Həmişə tutqun çöhrəli olan Ruhnəvaz bu dəfə daha da kefsiz idi. Qurbanlı ilə yalnız qalmağa belə qorxurdu. Lakin Qurbanlı məsələyə vaqif idi, odur ki, mücərrəd mövzuya dair bir söhbət açdı. – Operanı sevirsiniz, yoxsa dramı? – dedi. Ruhnəvaz xanımın çöhrəsi bir az açıldı və cəsarətli təbəssümlə dedi: – Klassik əsərlərin hamısını sevirəm. Yenilərə öyrəşmirəm; Meyyerxoldu heç də sevmədim. – Ədəbiyyatda da, yəqin, eyni məsləki daşıyırsınız? – Təbii deyilmi? – Ən sevdiyiniz yazıçı hansıdır? – Onu demək çətindir. Tolstoyla Turgenevi çox oxuyuram. Mopassanı təqdis edirəm. – Onlar yazarkən mühit başqa idi. Həyatı şərtlər indi dəyişilmişdir. – Dəyişildikdə nə olar? – hiss həmişə hiss olaraq qalacaq. – İndi hiss yoxdurmu deyərsiniz? Hiss yenə də var, lakin bu hissə uzun müqəddimələr qoşmağa vaxt yoxdur. Macəraya, şevalyeliyə nə hacət? Həyat sadəliyi tələb edir. Vaxt yoxdur. Təyyarə və radio dövrü hissi də məhdud dairəyə salmaq istəyir... Qurbanlı uzun-uzadı mühakimələr yürütdü və fikirlərində də həp Ruhnəvaz xanımı hədəf etdi. Ruhnəvaz xanım məsələni duydu, özünə məxsus inadla susub qaldı və söhbəti kəsmək üçün durub, qonşu otağa girdi. Geri gələrkən Qurbanlı ayaq üstə idi: – Gedirəm, – dedi. Ruhnəvaz xanım adi ciddiliyi ilə əl verdi və onu qapıya qədər təşyi etdi. Qurbanlı küçəyə çıxarkən geniş nəfəs aldı – evin rütubəti, məfkurələrin köhnəlməsi onu tamamilə yormuşdu. Altı ay boş ziyarətlərdən sonra, bir də buralara dönməməyi qət edərkən ona bir sevinc gəldi. Getdi. Evinə çatmadan altı aydan bəri onda doğan hisslər və təəssürlər tamamilə silinib getdi. Ruhnəvaz xanım onun üçün artıq ölmüşdü. * * * Bir il keçdi. Bu bir ilin müddətində Dilarə xanım evinə bir çox nişanlı ola bilmək şərtlərini haiz gənclər dəvət etdi. Lakin kimsə orada dayanmaq istəmədi: Ruhnəvaz gözəl deyil idi, nəşəli təbiətdən məhrumdu və özünə məxsus bir inadı var idi ki, gəncləri qorxudurdu. Odur ki, gənclərin gəlib-getməsi uçar ulduz kimi yalnız bir an, bir dəqiqəliyə Ruhnəvaz xanımın ümidsiz həyatını işıqlandırıb, keçirdi. Nəticədə yenə əvvəlki həyat – sıxıntılı ev, yalnızlıq və nəşəsizlik.. Bir gün onda qəribə dəyişikliklər oldu; ona qəribə bir nəşə gəldi, yaşamaq istədi. Sakit və sıxıntılı həyatı yerindən oynadı. Mütəvaze yaşayışı tərk etdi. Özünə yeni paltarlar tikdirdi; qırmızı bir şlyapa aldı. Həmişə evdən dışarı çıxmaq istəməyən: Ruhnəvaz tez-tez bulvara getməyə başladı. Günün birində Qurbanlıya rast gəldi. Bir ildən bəri onu görməyən Qurbanlıya Ruhnəvaz gülünc və bəlkə bir az da laübalı göründü. Bir kərə, paltarı son dərəcə uyğunsuz idi. Şlyapasının rəngi o qədər gözə çarpırdı ki, ona istehza etmədən baxmaq qabil deyil idi. Ruhnəvaz təklifsiz olaraq Qurbanlıya yanaşdı, ifrat lütfkar bir halla dedi: – Siz bizi büsbütün unutdunuz. Qurbanlı soyuq çöhrə ilə: – Məşğulam, – deyə cavab verdi. – Dostlarınızı görmək üçün bir neçə dəqiqə tapılar, zənn edirəm. – Elədir, ancaq... – Qurbanlı sözünü kəsdi və sərzənişli bir təbəssümlə Ruhnəvaza baxdı. Ruhnəvaz: – Sizi anlaya bilmirəm, – dedi. – Anlaşmamamız təbiidir... Mən bir əsnaf oğlu, siz... zati həşəmətə mənsub xas alaydan... Ruhnəvazın laübalı təbəssümü o saat qeyb oldu. Çöhrəsi sərtləşdi, təkrar aydınlaşmağa başladı və güzəştə hazır bir tövrlə dedi: – Bunların hamısı avam fikirlərdir. Əsil məsələ ziyalı olmaqdır. Qurbanlı sözü dəyişmək istədi: – Elədir... – dedi, – nə qayırırsınız? – Heç, həyat əvvəlki kimi, bir az da sıxıntılı; siz nə aləmdə? – İşim çoxdur. Bir də bu günlər... nişanlanıram. “Nişanlanıram” sözü ildırım kimi Ruhnəvazı vurdu. Əvvəl qulaqlarına inanmadı, sonra dərk edərək, dodaqları titrədi: – Gözəlmi? Yaxşı ailədənmi? – dedi. Qurbanlı məsud bir təbəssümlə: – Həm gözəl, həm gənc, həm ağıllı... Sevgili bir məxluq. – Deməli, xoşbəxtsiniz. – Nə qədər, bilsəniz. Dünyaya yenidən gəlirəm... Dərin və davamlı bir sükut ortalığı bürüdü. Vaxtilə bir-birini anlamamış iki aləm bütün təzadı ilə təkrar qarşı-qarşıya gəldi. Biri sadə, mütəvaze, bəxtiyar; o biri xəyali, keçmişi ilə məğrur, həqiqi həyatdan məhrum. Biri nəşə və ümidlə dolu, aydın gələcəkli, atdığı addımlar qəvi və müəyyən; o biri solğun çöhrəli, solğun ümidli, tutqun atili... Ruhnəvaz sükutdan ayrıldı. Həqiqi bir nəzərlə yanındakı mühəndisə baxdı: uca boylu, nəşəli baxışlı bir gənc idi, təmiz geyinmiş, nəzakətdən məhrum deyil idi... Sevilməli bir şəxs olduğunu Ruhnəvaz xanım ilk dəfə olaraq duydu. İçinə peşmani bir hiss gəldi. “Nədən?” – deyə öz-özünə sual verdi: “Nədən vaxtilə bu qədər yaxın gələn bir səadəti əldən qaçırdım?” – deyə düşündü və ağır hisslər onu bürüdü. Bir də Qurbanlı içindən fəvəran edən nəşəli bir səslə: – Aman, nişanlım gəlir! – dedi, əlini cəld Ruhnəvaz xanıma uzatdı, – məni bağışlayın, getmək məcburiyyətindəyəm. Ruhnəvaz hiddətindən soyumuş əlini ona uzatdı, ayrıldı. Qurbanlı sürətli və oynaq addımlarla ağ yaylıqlı zərif bir qıza yanaşarkən Ruhnəvaz xanımın gözlərində qısqanclıq atəşi parladı. Kənarda durub, həsrətli baxışı ilə onları gözdən itənə qədər təqib etdi. Qurbanlı qızın əlini bərk-bərk sıxdı. Qızın üzünə qızartı yayıldı, gözləri işıqlandı, dadlı təbəssüm dodaqlarının kənarlarını eşq məbədinə döndərdi... Ruhnəvaz xanım bu halları incədən-incəyə anladı; qıza qarşı ürəyində anlaşılmaz bir nifrət əmələ gəldi. Və evə dönərkən keçmişdə Qurbanlıya qarşı göstərdiyi laqeydliyi və etinasızlığı xatırlayıb, odlandı. Evlərinin nə qədər cansıxıcı olduğunu Ruhnəvaz ilk dəfə olaraq bütün dəhşəti ilə anladı; orası onun üçün zindan kimi göründü. Şlyapasını bir tərəfə atıb, hönkürtü ilə yatağına yıxıldı. Ruhnəvazın yalnız gözləri deyil, bütün varlığı və taleyi ağlayırdı. Ruhunun dərinliyində acı yaşların anlaşılmaz və qaranlıq bir boşluğa töküldüyünü hiss edirdi. 1927 * * * Zeybək qızı Midhəd əfəndi sabah ertə darülfünuna gəldikdə oranı ingilislərin hind əsgərləri tərəfindən tutulmuş gördü. Qapıda duruxdu, fikirləşdi, ağır bir həyəcan içində geri döndü. “Deməli darülfünunumuza da əl uzatdılar” deyə öz-özünə düşündü və aylardan bəri əcnəbi işğalından təhqir olunmuş şərəfi bir daha əzildi. Midhəd əfəndi Bayezid meydanı ilə gedərkən Türkiyənin keçirdiyi macəranın təhlili ilə məşğul idi. Müharibə qaib olmuş, məmləkət bilfel ingilislər, fransızlar, italyanlar, yunanlar tərəfindən parçalanmış, İzmir və civarı yıxılmış, türk qanı ilə boyanmış! İstambul işğal altında, məmləkətin bütün münəvvər və alimləri Malta cəzirəsinə sürülmüş... Midhəd əfəndi durdu, ayaqlarına bir zəf gəlmişdi; yürüyə bilmədi. Qəmli gözləri ilə ətrafa baxdı: hər yerdə ingilis polisinə və əcnəbi əsgərinə rast gəldi. Bütün türkləri ac, səfil və sönük çöhrəli gördü... bu fəci mənzərədən acı bir həqarət duydu... “Bu işlər düzəlirmi?” deyə içində bir şübhə doğdu. Bədbin bir halda yoluna davam etdi. Divan-yolundan Sirkəçiyə endi; yeni camein yanından Qalata körpüsünə çıxdı. Sağ tərəfdən körpünün sürahisinə söykənib qaldı. Yazın gözəl günlərindən biri idi. Günəşin yaldızlı şuası boğaza dilfirib bir süs vermişdi – mavi dalğaların içində cilvələnirdi. Əzəmətli DolmaBağça sarayı sönmüş bir qürur ilə önündəki yunan zirehlisinə tamaşa etmədə idi. Bəyoğlu başdan-başa yunan və əcnəbi bayraqları ilə donanmışdı... Midhəd əfəndi gözlərini yumdu, başını çevirdi. Qarşıdakı Üsküdar xaraba bir qəbiristanı andırırdı. Arxa tərəfdən çıxan tüstü göyləri bürümüşdü – ingilislər meşələri millətçilərə məskən olmasın deyə yandırırmış... Sağ tərəf mənzərəsi daha acı idi: gözəl Gülxana bağçası viranəyə dönmüşdü. Çiçəkliklər depo olmuş, ağaclar sınmış, güllər solmuş, bağçada daş kömür təpələnmiş, tel atılmışdı. Midhəd əfəndi iztirab içində geri çəkildi, rəngi üzündən götürüldü. Bir də əsəbi halda qırmızı fəsini gözlərinə yeritdi, laübalı bir vəziyyətdə İstambula döndü. Midhəd əfəndi evə dönmək istəmədi. Zatən evləri bütün əşyası ilə fransız zabitləri tərəfindən zəbt olunmuşdu və on başdan ibarət bir ailə İstambulun uzaq bir guşəsinə kiçik bir yerə sığınmışdı. Odur ki, Bayezid meydanına gəldikdə təkrar duruxdu, fikirləşdi və bir saatlığa da olsa zülmkar əcnəbilərdən xali bir guşəyə çəkilmək ehtiyacı duydu. Midhəd əfəndi şair idi, onun üçün hürriyyət və gözəllik hər şeydən yüksək idi, düşündü və bu iki neməti yalnız Süleymaniyyə cameində tapacağına qane oldu. Midhəd əfəndi dindar deyil idi, məscidə ibadət üçün getdiyini xatırlamırdı. Bu dəfə də onu cameə cəlb edən dini hiss deyil, sənət eşqi və zövq duyğusu idi. Süleymaniyyənin sakin guşəsi, əzəmətli mənzərəsi, xariqə təşkil edən sənəti onun təhəmmül etdiyi bütün həqarəti unutduracaq idi. Getdi. Sönük və xərabə küçələri keçdi, yanıq yerlərini addadı və camein sakin dairəsinə daxil oldu. Qapıda çəkmələrinin üstündən məs geydi və xalıların üzərilə yavaş-yavaş uzaq xanaların birinə yanaşdı. Oturdu. Camedə kimsə yox idi. Dərin bir sükun hökmfərma idi. Bu sükunu qəndillərə qonmuş göyərçinlər arabir pozurdu. Camein quruluşu, cizgilərin incəliyi, boyaların uyğunluğu Midhəd əfəndini məşğul etməyə başladı. Yarım saat əvvəl gördüyü çirkin mənzərə tamamilə yadından çıxdı. Sənət zövqü onun ruhunda bir böyüklük doğurdu, ona anlaşılmaz bir mətanət gəldi. Camedə Süleyman-Qanuni dövrünün şan və əzəməti yaşayırdı və bu əzəmət Midhəd əfəndinin ruhunu bəsləmədə idi. Bir də tühaf bir nəşə içində donub qaldı. Zövq atəşi ilə dolmuş gözləri mehrabın ətrafında gəzirdi. Bir an came qaralan kimi oldu. Mehrabın ətrafını boz bir pəlmə bürüdü, sonra işıqlandı və göz qamaşdıracaq bir şüa içində bir Zeybək qızı göründü; qarayağız, parlaq gözlü, məhzun baxışlı bu qız bir şeylər söyləyirdi, həyəcan içində çırpınırdı... Midhəd əfəndiyə bayğınlıq gəldi; özünü itirdi. Bir də ayıldı: came, əzəmət və dəbdəbəsində durmuşdu; sükun haman sükun idi. Yalnız bu sükunun özünə məxsus bir nəğməsi, əsrarəngiz bir tərənnümü var idi. Midhəd əfəndi bunu duydu və şair ruhuna bir ilham gəldi. Bir də Zeybək qızını xatırladı, zehnində onun məhzun baxışını ehya etdi. Sonra bir həyəcan duydu. Coşdu və onu təkrar görmək üçün mehrabın ətrafına göz gəzdirdi, bir nəticə hasil olmadı. Saatlarca oturdu, gözlədi. Min növ iztirab çəkdi, məqsədinə nail ola bilmədi. Qalxdı. Camei tərk etdi. Sakin küçələr ona geniş göründü, əsir şəhər hürr və məsrur idi. Ruhunda elə bir əzəmət var idi ki, hər şeyi qırar, yıxar və hər şeyə qələbə çalardı. * * * Midhəd əfəndi evə döndü. Anası mətbəxdə məşğul idi. Çağırdı. Dərdini anlatdı: – Gedirəm, – dedi. – Nərəyə, oğlum? – Anadoluya. – Babandan sordunmu? Bəs darülfünun? – Babamdan sormadım, sormaya da gəlməz, darülfünun əsir... Biz də zatən əsir, əsarətdə elm təhsil etmək qabilmi?... Hürr Anadolu hər şeydən yüksək! Zeybəklər silaha sarılmış. Bir də Midhəd əfəndi həyəcanlandı. Pancuru açdı. Xəlic və Mərmərə göründü. Füsunkar bir gözəllik ruhunu oxşadı. Bir dəqiqə keçmədi, incə minarələrə sarılmış sərvlərin arasında bir duman göründü, yaldızlandı və məhzun baxışlı zeybək qızı bütün gözəlliyi ilə zühur etdi. Midhəd əfəndi bihuş olaraq kanapenin üzərinə sərildi... Anası iztirabla üzərini aldı. Bir dəqiqədə bütün ailə üzvləri ətrafını bürüdü. Midhəd əfəndini ayıltdılar. Dili söz tutar-tutmaz dedi: – Bu əsir şəhəri tərk etməsəm rahatlıq bulamayacağam. Anadolu məni çağırır! Midhəd əfəndinin atası Münirbəy Babi-Ali məmurlarından idi. Məslək və əqidəcə tam mənasilə əski bir osmanlı idi. Milli hərəkata, təcəddüdə inanmırdı. Onun üçün zati-şahənənin iradəsi hər şeydən yüksək idi. Anadoluda gün-gündən qüvvət kəsb edən milli hərəkat, Münirbəycə, yalnız bir quldurluq, bir qaçaqçılıqdan ibarət idi. Odur ki, oğlunun fikrini anladıqda hiddətləndi. – Oğlum, dəlirdinmi? – dedi, – yarın kurşunamı düzülmək istəyirsən? Midhəd əfəndi mətanətli bir səslə: – Bizi deyil, biz kurşuna düzəcəyik, baba! – dedi. Münirbəy büsbütün acıqlandı. – Sus! Sən çocuqsan, anlamazsan! – dedi, – ingilisin zirehlilərinə qarşımı gedəcəyik? Midhəd əfəndi atasının sözünü kəsdi: – Əvət, gedəcəyik! – Allah, Allah!.. – Allah yoxdur. Anadolu və şuralar var. Şuraların yardımı ilə istiqlaliyyətimizi təmin və ingilisləri məhv edəcəyik. – Allah, Allah, – deyə Münirbəy əlini əlinə vurdu və hiddətindən uçunmağa başladı. Midhəd əfəndi ayağa qalxdı və sakit bir səslə dedi: – Anacığım, bana bir az yemək, bir cüt camaşır hazırla, yarın erkən əsarəti tərk edəcəyəm. * * * Anadoluya keçər-keçməz Midhəd əfəndi könüllü yazılıb, İzmir cəbhəsinə getdi. Mədəniyyətcə çox geridə qalmış bu torpaqlarda Midhəd əfəndinin nəzərini özünə cəlb edən coşğun bir həyat, qüvvətli bir milli hərəkat oldu. Məmləkətin bütün varlığı toplanıb düşmənə qarşı polad bir sipər təşkil etmişdi. Hər kəsdən də əvvəl gözə çarpan çalışqan və fədakar türk qadını idi. Bunlar çiyinlərində silah daşıyırdılar, xəstələrə baxırdılar. Bunlarla bərabər cüt və xışdan da əl çəkmirdilər. Geyimləri ilə qadın şıqlığını heç də xatırlatmayan bu arvadlar Midhəd əfəndinin bütün rəğbətini qazanmışdılar. “Qadınlar Türkiyəni qurtaracaqlar” deyə onda qüvvətli bir qənaət hasil olmuşdu. Cəbhə sakit idi. Hər kəs vəzifə başında hazır durmuşdu. Bir gün bir dəyişikliklər oldu. Midhəd əfəndinin alayını bir az şimala köçürdülər və bir zeybək bölüyü ilə yan-yana oturtdular. Sipər həyatı isə əvvəlki kimi yekrəng və sıxıntılı idi. Aylardan bəri davam edən bu həyatı yalnız vuruşma dəyişə bilərdi. Vuruşmaların da nə vaxt başlanacağı sipərdəkilərə bəlli deyildi. Sıxıntılı həyata arabir təğyir vermək üçün nəfərlər yunan qarovuluna “ova” gedirdilər. Bir axşam zeybəklərdən iki nəfərin kəşfə çıxacağını Midhəd əfəndi duydu. O da onlara qoşulub, çıxdı. Tel örgülərdən keçdilər və yerlə sürünə-sürünə düşmən qarovuluna yanaşdılar. Təpə arasında, saklı bir yerdə tonqal yanırdı. Kənarında bir nəfər yatmışdı, biri də tüfəngə söykənib mürgü döyürdü. Türklər bir az gözlədilər, sonra zeybəklərdən biri cəld yüyürüb, bir qılınc zərbəsi ilə mürgü döyən nəfərin başını bədənindən ayırdı. Midhəd əfəndi o biri zeybəklə yatanı bıçaqladı. Həzin bir insan iniltisi gecənin sükutunu pozdu. Bir dəqiqə keçməmiş yenə əvvəlki sükut bərpa oldu. Yunan nəfərlərinin silahlarını toplarkən ilk hücum edən zeybəyin üzünə ocaqdan işıq düşdü. Midhəd əfəndi bu simaya diqqətlə baxdı. Birdən-birə dondu. Əvvəl gözlərinə inanmadı. Sonra “Zeybək qızı” deyə içini çəkdi və soyuq bir titrək vücuduna yayıldı. Midhəd əfəndi o axşamı anl aşılmaz bir nəşə içində keçirdi. İndiyə qədər gördükləri ona yuxu kimi gəlirdi. Təkrar-təkrar Süleymaniyyə və Boğaz içi mənzərəsini xəyalında ehya etdi, bu axşam gördüyü ilə müqayisə etdikdə şaşdı, qaldı. Dan yeri yavaş-yavaş söküldü. Günəşin ilk qızartısı Midhəd əfəndinin qaranlıq şübhələrini tənvir edə bilmədi. * * * Bir gün atları suvarmağa apararkən bulaq başında qarşı-qarşıya gəldilər. İkisi də hərəkətsiz bir vəziyyətdə qaldılar. Zeybək qızının dodaqlarında qeyri-şüuri bir təbəssüm oynadı və fövrən qaib oldu. Əvəzində həyalı bir qızartı yanaqlarını bürüdü. Əvvəlcə Midhəd əfəndini ildırım qüvvəsi ilə qarşılayan uzun kirpikli gözlər indi həyəcan içində yerə baxırdı. Əsgər paltarının altından incə cizgilərlə yuvarlanan köksü həyəcan içində çırpınırdı. Titrək barmaqları atın yalına sarılıb qalmışdı. Midhəd əfəndi özünə güclə malik ola bildi, söz demək istədi, dodaqları tabe olmadı. Susdu. Sonra ruhunda bir istirahət duydu. Qəlbinə bir yol açıldığını və bu yolla görünməz sirlərin axın-axın gəldiyini hiss etdi. İndi artıq iki varlıq birləşmiş, çırpınan iki ürək bir-birilə əsrarəngiz və kimsəyə eşidilməyən bir dillə dərdləşirdi. Dəqiqələrcə sürən bu söhbətlər bütün şübhələri ortalıqdan qaldırdı; cisimlərdən əvvəl ruhi varlıqların irəlidən bir-birilə görüşüb, anlaşdıqları meydana çıxdı. Gənclərin ikisi də aram tapıb, xoş bir sima ilə bir-birinə baxdılar. Bu dəfə dillər mətanətlərini qaib etmədi. Midhəd əfəndi: – Mən səni İstambulda ikən tanıyırdım, – dedi. Burada görüşəcəyimizi təsəvvür etmirdim. – Mən də səni tanıyırdım, – deyə Zeybək qızı başını aşağı saldı və son sözü bir-birinə toxunan çini kasaların sədasını verdi. Midhəd əfəndi heyrət içində: – Sən məni nərədən tanıyırdın? Bir-iki dəqiqəlik sükuta qərq olan bakir qız səsi günahsız bir titrəklə anlatdı: – Gecə uyqularımda həp səni görərdim. Aylardan bəri istirahətim qaib olmuş... Bu sözlər Midhəd əfəndinin hissini oxşadı, ona kişilərə məxsus bir qürur gəldi. Cürətləndi və atın yalına sarılmış soyuq barmaqları əlinə alıb dedi: – Nagəhani bir qüvvə bizi bir-birimizə qovuşdurdu. Ayrılmaq cinayətdir. Sən mənim, mən də sənin!.. * * * Düşmən cəbhəsi yarılmışdı. İngilis silahı ilə təchiz olunmuş iki yüz minlik bir ordu dağılıb, pərakəndə bir halda geri çəkilirdi. Qırmızı türk bayrağı təkrar İzmir təpələrində dalğalanmada idi. İstambul başqa bir aləm yaşayırdı: əcnəbilərin işğal ordusu çəkilmədən paytaxt bütün idarə və məmurları ilə bərabər böyük millət məclisinə beyət etdi və şəhər dəbdəbəli bir türk qiyafəsinə girdi: hər yer al bayraqlarla bəzənmişdi, ala qapılar qurulmuş, küçələr nümayişçilərlə dolu idi. Bir də: “Anqara müməssili paşa gəldi” deyə səs düşdü. Minlərcə adamlar Sirkəçiyə töküldü, küçələr fəslərdən laləzar oldu... Ağ atlı paşa xalqa təzim etmədə idi, mabeynindəki gənc zabit Midhəd əfəndi və onunla yan-yana gedən milli libaslı Zeybək qızı idi. Arxadan qırmızı bayraqlı nümayişçi gənclər ağır-ağır yürüyürdülər. Cadənin iki tərəfini izçilər zənciri tutmuşdu. Ortanı minlərcə məktəbli qız və oğlan məşğul etmədə idi. Bir də yerləri titrədən bir alqış qopdu: – Yaşasın böyük millət məclisi! Yaşasın Zeybək qızı! – Səslər göylərə yüksəldi. Balkonlardan və pəncərələrdən türk qadınları güllər atdılar, ətir tökdülər... Qafilə Divan yolunda dayandı. Paşa mabeyni ilə bərabər “Şərq məhvəli” klubuna endi. Nümayişçilər isə şəhəri dolanmağa başladılar. Axşam şəhər çırağban oldu. Minlərcə qırmızı fanarlı məktəblilər “Şərq məhvəli”nin qarşısına toplandılar. – Yaşasın Zeybək qızı! – deyə alqışlar qopdu. Klubun pəncərəsi açıldı, Zeybək qızının incə çöhrəsi göründü, dəqiqələrcə alqış davam etdi. Hər tərəfdən Zeybək qızının cadəyə enməsini rica etdilər. Bir də Midhəd əfəndi ilə yan-yana qapıya çıxdı. Alqış qopdu, ətraflarını gənclər bürüyüb, onları çiçəyə batırdılar. Önlərində Zeybək qızı olaraq fanar alayı körpüyə endi. Bir də körpünü açılmış gördülər. Nümayişçilərin Bəyoğluna keçməməsi üçün ingilislər körpünü açmış və qarşısına mitralyozlu əsgərlər qoymuşdu. Həyəcan artdı. Lakin türk səbri həyəcana qələbə çaldı, əcnəbilərin həyasızlığına qarşı soyuqqanlılıqla cavab verildi. Bir dəqiqədə Xəlicdəki yüzlərcə qayıqlar gənclərlə doldu, Bəyoğluna keçildi... * * * Avropa imperialistlərindən illərcə çəkdikləri təzyiqi unutmaq üçün İstambul bir həftə əyləndi. Bu bir həftədə Türkiyəni xilas edən qadınlığın müməssili deyə Zeybək qızını əllərdə gəzdirdilər. 1927 * * * Mariya İnqilab daşqın bir çay kimi məcrasından çıxıb, bütün Rusiyanı ağzına almışdı. Köhnə hökumət düşürülüb, yerinə gələn geniş ölkəni idarədən aciz idi: hər kənd, hər şəhər və vilayət özbaşına idarə olunurdu. Böyük bir anarşi hər yerdə hökmfərma idi. Buna əlavə olaraq bir də cəbhə pozulmuş, milyonlarca əsgər silahını götürüb, kimsəni dinləmədən evlərinə dönürdü. Şəhər və kənd sərsəriləri bundan istifadə edərək şəhərləri yəğma etmədə idi. Xalq həyəcan içində çırpınaraq, çıxacaq yollar arayırdı. Orta əsrlərdə olduğu kimi, hər bir ev qələ şəkli almış, kirəçilər də könüllü əsgər kimi səfərbərlik halında idi. İrəliki axşam şəhərimizin bir neçə evlərinə zirehli avtomobillərin hücumu olmuş deyə eşitdik. Yayılan şayiələr bu hadisələrə əsrarəngiz rənglər verirdi: üzləri maskalı adamlar evə mitralyozlardan atəş açmışlar, bir neçə adam öldürüldükdən sonra evi yəğma etmişlər – deyilirdi. Şayiələr bizim evin sakinlərinə dəhşətlər təlqin etdi, ev komitəsi rəisi 45 mənzil vəkillərini fövqəladə iclasa dəvət edib, məsələni anlatdı və axırda: – Vaxt çox ağırdır. Törəyə biləcək hadisələrə qarşı tədbirlər görməyə acizəm, – dedi. Böyük salona toplaşmış qızlar, xanımlar və ənva sinif və məsləkə mənsub kişilər bir ağızdan rəisə qarşı etiraz etdilər: – Başımıza bir iş gəlsə, bütün məsuliyyət sizin üzərinizdə qalacaq! – dedilər. – Aylardan bəri rəis olaraq evi tədafei bir şəklə sokamamışsınız! Həyəcan artdı. Çığır-bağır düşdü. Ağız deyəni qulaq eşitmədi. Geniş dazlı, yoluq saqqallı advokat hiddətlə yerindən qalxdı: – Vətəndaşlar! – dedi, – qanun ölməmiş və ölməz! Məsuliyyət hər bir qanun tərəfindən tanınıb və tanınacaq! İnsanların müqəddəratı ilə oynayan bir şəxs cavab verməli!.. Bu məzmunda söylənən nitq uzun sürdü, advokat bir çox dəlil və isbatlardan sonra ev komitəsi rəisinin müəyyən qanun maddəsi mucəbincə məsul olduğunu meydana çıxardı. Çinlərini açıb yarı sivil qiyafəli general “Nə uyğunsuzluqlar olur!” deyə yerindən qalxmaq istədi, lakin arvadı çiynindən yapışıb onu çıxış etməyə qoymadı. General arvadına çəmkirdikcə arvad mülayim bir səslə onu təskin etməyə çalışdı. Axırda general inqilaba qarşı küfrlər yağdırdıqdan sonra susdu. Uzun ləbbadəli, fəna hörülmüş gödək saçlı keşiş yerindən bağırdı: – Övladlarım, belə olmaz, həyatımız təhlükədə ikən biz də burada deyişmədəyik!.. Solğun geyimli, yaxası çirkli və üzü qırxılmamış bir qulluqçu keşişin sözlərini kəsdi: – Ata, – dedi, – siz bizim ruhani rəhbərimizsiniz, məclisə sədrlik ediniz də, iş nizama düşsün. Bu sözləri eşitcək gənc bir tələbə yerindən sıçradı: – İndi keşiş zamanı deyil, – dedi, – cavanlardan birini seçməli ki, işə təhər çəkə bilsin. Can qeydinə qalan bu zümrə quzu kimi yumşaldı, əvvəl bir-iki dəqiqə susdu, sonra: – Sizi seçirik! – deyə cavab verdi. Tələbə məclisi nizama saldı, lakin söylənən sözlər heç kəsi kafi dərəcədə məmnun etmədi. Hər ağızdan bir söz eşidildi, heç kəs də evin müdafiəsi üçün əməli bir təklif meydana qoymadı. Yenə advokat uzun nitq söylədi, general bir də hiddətləndi: “Boşboğazlıq! Boşboğazlıq!” – deyə yenə dartındı və yenə əvvəlki kimi xanımı onu susdurmağa çalışdı. Keşiş ayağa qalxdı, əllərini ölçə-ölçə bir şeylər söyləmək istədi, lakin sədr ona söz vermədi. Küncdə yerləşmiş bir tacir saqqalını tumarlayıb: “Lənət kor şeytana!” dedi, susdu. Həyəcan daha da artdı. Xanımlar açıqdan-açığa kişiləri məzəmmət etməyə başladılar. – Həp söz, söz, söz, əfəndilər! İş lazımdır! – dedilər. Sizə ar olsun! Arvadlarınızın namusunu belə müdafiə edə bilmirsiniz! Xanımların sözü hər kəsdən artıq tələbə Ömərə təsir etdi. İndiyə qədər bu evdə mənliyini heç bir şeylə ibraz etməyən bu gənc bu dəfə içində bir təğyir duydu; həyəcanlandı və fədakar bir hissə qapıldı. İztirabından titrəyən əli ilə çuxasının qolunu çirmədi və xəncərinə dayanaraq ayağa qalxdı. Nəfis və cəld hərəkəti ilə hər kəsin nəzərini özünə cəlb edən Ömər söz aldı: – Buradakı çox da mürəkkəb olmayan bir məsələ haqqında bu qədər boş danışıqların mənasını anlamıram, – dedi. – Mən qafqazlıyam, bizlərdə belə hadisələrə tez-tez təsadüf olunur. Çarəsi asandır: bir iradəli adama tabe olmalısınız, onun əmrlərini yerinə yetirməyi vədediniz də, o sizin salamatlığınızı təmin etsin! Ömərin sözləri məclisə böyük təsir bağışladı. Gözəl simalı, qəti baxışlı və kəskin sözlü bu gənc hamının hüsni-təvəccöhünü qazandı. Qadınlar hər kəsdən əvvəl onun təklifini təsvib etdilər. “Hər şeyə razıyıq, ta ki, təhlükənin önünü alın”, – deyə məclis bir səslə Öməri evə komandan təyin etdi. Bir dəqiqə keçmədi, evdə sakin olanların adları yazıldı və gecəgündüz arası kəsilmədən keşik çəkmək üçün adamlar ayrıldı. Qadınlar gündüz və kişilər də gecə qarovulda duracaq idilər. Yarım saat sonra darvaza və qonaq qapısının arxasına çuval-çuval torpaq yığılmışdı, pilləkənlərdə sipər qurulmuşdu. Mümkün qədər silah toplandı; hər kəs səfərbərlik halına qoyulmuşdu. Pilləkənlərdə Ömərin imzası ilə elanlar yapışdırılmışdı: “Bu axşam manevr olacaq, hər kəs silahı ilə saat altıda iclas salonuna gəlməlidir” – deyə yazılmışdı. Küçəyə çıxmaq imkanından məhrum olan kirəçilərə elan böyük bir fərəh verdi; mühasirə keçirən xalqa bu bir əyləncə idi. Hər kəs axşamı sevinclə gözləyirdi. Qadınların şadlığının hüdudu yox idi, “Aman, bu qafqazlı!” – deyə bir-birinə müraciət edərək, həsrətlə içlərini çəkirdilər. Məclis üçün hazırlıq görülürdü; xanımlar geyim və tualetlərinə son dərəcə əhəmiyyət verirdilər. Keşişin mütəvaze evində belə yeniliklər görünürdü: özü ilə fəzlə məşğul olmayan xanım bu gün güzgünün qarşısından çəkilmirdi. Xanımın hərəkəti kişinin diqqətini cəlb etdi. Həmişə sakit və laqeyd olan keşiş təşvişə düşdü. – Mariya, nə xəbər var? – deyə sərzənişli bir səslə soruşdu. Mariya cavab vermədi və ərinin sözlərindən son dərəcə hiddətləndi. Keşiş şübhələrə düşdü. İndiyə qədər pozulmamış məsud həyatının alt-üst olacağını müqəddəm hisslər ona təlqin etməyə başladı. İçinə kədər gəldi; həyatdan bezikdi. Ağır iztirablardan sonra bir də özünə malik olub, şübhələrini dağıtdı və tühaf bir təbəssümlə yataq otağına girdi. Xanım əvvəlki kimi tualetinə məşğul idi: gözəl geyinmişdi, saçlarını darayıb, şıq bir halda toplamışdı, üzünü pudralayırdı. Keşiş Mariyaya yanaşdıqda onu ətir qoxusu qarşıladı; xanımını başdan-ayağa süzdü: Mariya neçə il əvvəl, toyları olan zamandakı Mariya idi. Zaman silib götürmüş hisslər keşişdə təkrar canlanmağa başladı. Bahar rayihəsindən mütəəssir olan bir gənc kimi, məst olub qaldı. Sonra əyilib Mariyanın totuq qolundan öpdü. Mariya səksəndi, cəld dönüb, hiddətlə ərinə baxdı və çılpaq dirsəyi ilə onu geri itələdi. Keşiş bir az irəlilədi və yazıqgəlməli bir təbəssümlə arvadını qucaqlamaq istədi. Mariya yerindən dik sıçrayıb, keşişdən uzaqlaşdı: – Mən sənin kefinin qulu deyiləm! – deyə qışqırdı. Keşiş gülünc bir vəziyyətdə susub qaldı. Mariya ərini diqqətlə gözdən keçirdi: illərcə dünyadan xəbərsiz bir halda yaşadığı bu həyat yoldaşı ona indi başqa və gülünc bir şəkildə göründü; qadın dizliyinə bənzər ləbbadəsi, kişilərə yaraşmayan saçı, pırpızaqlı saqqalı ürəyində ərinə qarşı nifrətlər törətməyə başladı. Bir dəqiqədə əri kimi, evi və çocuqları da gözündən düşdü. Varlığına bir acı çökdü və keşişin durub ona tamaşa etməsindən sinirləndi. * * * İclas izdihamlı idi. Silah daşıya biləcək kişilərdən çox, qızlar və xanımlar gəlmişdi. Ömər sədarətə çıxdıqda ürəklərə fərəh yayıldı. Onun sözlərini hər kəs vəhy dinləyən kimi dinlədi. – Vətəndaşlar, – dedi. – Sakin olduğumuz ev baş verə biləcək təhlükəyə qarşı tamamilə hazırdır. Alqış qopdu. Hətta qonşu evlərlə aramızda rabitə var, zərurət zamanı zənglər vasitəsilə onları da köməyə çağıra bilərik. Bu gün xanımların qarovul vəzifələrini gözəlcə ifa etdiklərini qeyd etməliyəm. Kişilər də onlardan geri qalmazlar, zənnindəyəm. Hər halda arxayın olmalısınız. Gecə qarovulları yoxlayacağam... Sonra Ömər nümunə üçün bir manevr yapacağını söylədi və zərurət vaxtı növbətçilərdən başqa kimsənin pilləkənlərə çıxmamasını əmr etdi. Ömər sözlərini qurtarıb, salonu tərk etdi. Bir də koridorda qəti səsi eşidildi: – Hücum! – deyə bağırdı. Bir dəqiqədə general, advokat, tələbələr, tacirlər, ənva sinif və məsləkə mənsub adamlar silahları ilə qapı və darvazadakı səngərləri tutdular. Nizam yerində idi. Yalnız salonda çaxnaşıq düşmüşdü. Ömər səngəri yoxlayıb, yüyürərək salona döndü. Mariya qəşş etmişdi. Xanımlar ətrafını bürüyüb, onu yelləyirdilər. Ömərin görünməsi həyəcanları təskin etdi. Qüvvətli səslə: hücum yoxdur, manevr yapırıq, – deməsi qaçmış bənizlərə qan səpdi. Mariya gözlərini açdı və minnətdar baxışla Öməri başdan-ayağa oxşadı. Ömər səndəli çəkib xanımın yanında oturdu. Onun soyumuş əllərini təklifsizcə götürdü, ciddi sima ilə oxşadı, su istədi, içirdi. Keşiş məsum bir sima ilə mənzərəyə tamaşa etmədə idi; qısqanclıqdan dodaqları titrəyirdi. Hər şeyə qarşı içində bir kin oyanmışdı. Onun üçün yaşamaq acı bir təcrübədən başqa bir şey deyil idi. Gecə saat üçdə Ömər yoxlayışa çıxdı. Qaranlıq və tənha pilləkənlərlə yavaşca endi – darvaza və qapıdakı qarovullar yerlərində hazır durmuşdular. Növbətçilərlə görüşdü, onlara papiros təklif etdi. – Küçə sakitdirmi? – dedi. Hələ ki, sakitdir. Lakin uzaqdan iki dəfə bərk atışma səsi gəldi. Ömər qapıları yoxladı, torpaq kisələrini əlləşdirdi: – Möhkəmdir, – dedi, – hücum olarsa dəf edə bilərik. Növbətçilər də eyni fikirdə idilər. Ömər: – Təkrar buraya gələcəyəm, – deyə növbətçilərdən ayrıldı və pillələrlə yavaş-yavaş yuxarı çıxmağa başladı. Hər yer, tənhalıq, mənzillərin qapıları bağlı idi. İkinci mərtəbənin səkisinə ayaq basdıqda sol tərəfin qapısını açıq gördü. Qaranlıqda gözünə incə bir kölgə çarpdı. Duruxdu və papirosunu çəkib, kölgəni bir az işıqlandırdı. Mariya taqətsiz bir surətdə divara söykənmişdi. Ömər yavaş səslə: – Sizmisiniz? – dedi. Mariyanın yerə dikilmiş gözləri vəziyyətini dəyişmişdi. Yalnız ürəyi sanki eşidilər qədər çarpınmağa başladı. Ömər yanaşdı: – İndiyə qədər yatmamışsınız? – deyə pıçıldadı. Səs gəlmədi. Mariyanın aldığı vəziyyətdə heç bir dəyişiklik görünmədi. Ömər həyəcanlandı, sonra özünə malik olaraq, həssas bir səslə: – Gedin yatın, təhlükə yoxdur! – dedi. Ətraf sükut içində idi. Birdən Mariya yanaşıb, Ömərin qəvi bağrına sığındı və üzünü köksünə söykəyib, həzin-həzin ağlamağa başladı... Bu əsnada içəridən bir şıqqıltı eşidildi, ağ bir kölgə göründü: keşiş atəş saçan nəzəri ilə mənzərəni gözdən keçirib, yox oldu. Mariya vəziyyətini heç də dəyişmədi... Şaqqıltı ilə atılan tüfəng səsləri gecənin sükutunu pozdu. Ömər “hücum!” – deyə bağırdı. Yatanlar cəld oyanıb, silaha sarıldı. Səngərlər adamla doldu. Hücum edənlər iki yük avtomobilində gəlmişdilər. Bir neçə dəqiqə sürən atışmadan sonra qapı və darvazadan girmələri mümkün olmayacağını kəsdirərək, quldurlar birinci mərtəbənin pəncərələrini qırdılar. Ömər çevirmə hərəkətdən ehtiyat edərək, bir dəstə ilə həyətə getdi. Quldurlar birinci mərtəbəni tutmuşdular və həyətə çıxıb arxadan darvazaya tərəf yürümək istəyirdilər. Buna mane olmaq üçün Ömərin dəstəsi həyətdə səngərə yatdı. Atışma davam etdi. Bir də quldurlar hücuma keçdilər. İndi hər kəsdən əvvəl Ömərin həyatı təhlükədə idi: pəncərələrdən həyətə atılan quldurların sayı artır. Ömərə isə kömək gəlmirdi. Bir-iki dəqiqə belə davam etsəydi, Ömərin dəstəsi qırılacaqdı. Lakin qaranlıqda bəlli olmayan uzun geyimli bir adamın xariqüladə cürəti quldurları püskürtdü: sıçrayıb, tüfəng dürtməsi ilə qarşısına gələni vurub yıxdı. Düşmənlərin cəsarəti qırıldı, qaçdılar. Lakin yıxılanların birisinin gülləsi ilə uzun geyimli adam da yaralanıb yerə sərildi. Atışma kəsər-kəsməz ölüm təhlükəsindən sovuşan bütün kirəçilər əllərində çıraq həyətə töküldülər.Yaralananları yoxlarkən uzun geyimli adamın Mariya olduğu hər kəsi heyrətə daldırdı. Mariya hələ ölməmişdi. Üzündə əndişə, əzab görünürdü. Ömərin ona yanaşması halını dəyişdi – gülümsündü və taqətsiz əli ilə onun əlini götürüb, dodaqlarına basdı. Məsud bir təbəssüm dodaqlarına həqq olunaraq...həyatı tərk etdi. 1927 * * * Qazanc yolunda Nemət yatağında uzanıb, fikir eləyirdi: dekabr imtahanları qurtardı,pul da qurtarmaqdadır. Çarə lazımdır. May imtahanlarına hazırlanmaq üçün studentə Kiyev şəhərində qalmaq icab edirdi, halbuki maddi cəhət buna mane olurdu. Odur ki, bu məsələnin həlli üçün Nemət bütün qüvvələrini sərf etməkdə idi. Bakı cəmiyyəti-xeyriyyələrinə elədiyi müraciətlər boşa çıxdı. Bakı milyonerlərindən ricada bulunmaq qüruruna toxunurdu, evlərindən də ki, heç bir şey gözləyə bilməzdi! Yeganə çarə Kiyevdə qazanc yolu aramaq idi. Student bu üzündən o biri üzünə döndü. Bir az həlləndi. Gözləri pəncərəyə sataşdı. Çöldə lopa-lopa qar yağırdı. Bunu görcək bədəninə bir soyuqluq gəldi, yatağın dərinliklərinə çəkilib büzüşdü. Bir də qazanc məsələsini xatırladı. “Nədən başlamalı?” – deyə təkrar fikirləşdi və axırda qəzetlərdə dərs üçün elan verməyi, dostlara və tüccari şirkətlərə müraciət etməyi qət elədi. Nemətin sabah istirahətini qulluqçu pozdu: qapını tıqqıldadıb, samovarla içəri girdi, qulluqçu çayı dəmlədi. Nemət yataqdan durmadan əvvəl qəzetə bir göz gəzdirdi. İlk səhifədən artıq son səhifədəki elanlara diqqət verdi. Bir də gözləri qəzetin bir guşəsində dayandı: “Enerjik gənclər dəvət olunur” deyə iri hərflərlə yazılmışdı. Bunu görcək Nemət yatağından dik atılıb durdu. Cəld geyinib, bir stəkan çayla iktifa edib, evdən çıxdı. * * * Nemət böyük bir salona girərkən orada özündən başqa bir çox da enerjik tələbələr gördü. Bütün qazanc arzusunda olan gənclər elan üzrə buraya toplaşmışdılar. Lakin hələ kimsə nə olacağını bilmirdi, çünki müəssisə sahibi orada yox idi. Nemət bir tərəfdə oturdu: Yanındakı tələbələr həp qazanc ətrafında danışırdılar. Keçisaqqal, çəlimsiz bir tələbə aramla deyirdi: – Mən riyaziyyatçıyam... indi siz deyəcəksiniz ki, sən sus, çünki sən mücərrəd bir adamsan, rəqəmlərə batıb qalmısan, amma mən sizin kimi düşünmürəm. Mən məsələni iki dəfə iki dörd kimi bilməsəm danışmaram. Qazanc yüzdə yüz təcrübəyə bağlıdır. Elərsən olar. Bütün tacirlərin yüzdə doxsanı savadsızdır, onlar qazanc yolunu bildikdə, mən nə üçün bilməyim?.. – Qismən doğru buyurursunuz, yoldaş, – deyə bir ayrısı riyaziyyatçının sözünü kəsdi: insanın hamısı ət və sümükdən əmələ gəlmə fizioloji bir xilqətdir.Yalnız qüvveyi-dimağiyyəsi başqa-başqadır. Burada da irsiyyət qanunu, inkişaf məsələsi böyük rol oynamaqdadır... – Əzizim, bu mücərrəd söhbətləri buraxınız... Ticarət ticarətdir, burada fizioloji, pataloji və yaxud atavizm yoxdur. Mal var, bazar var, ərz var, tələb var, vəssalam. Bu gün bu dediklərim burada mövcud isə, qazanc olacaq. Yoxsa, heç... Salonda münaqişə şiddətli bir şəkil aldığı zaman qapı açıldı və müəssisə sahibi içəri girdi. O saat tələbələr sakit oldular. Yeni gələn zatın dava vəkili müavini olduğu meydana çıxdı. Bu da enerjik olduğu üçün yeni-yeni həyati yollar aramada imiş. Odur ki, gələr-gəlməz bir dəqiqə qaib etmədən qapalı bir dolaba yanaşdı, kiçik bir nitqdən sonra dolabı açdı və dedi: – Yoldaşlar, indi sizinlə bərabər qazanca doğru getməliyik. Baxınız, burada bir çox mallar var. Qazanc arzusunda olanlar bunları götürüb, şəhərdə gəzdirəcəklər, müştəri axtaracaqlar və zəhmətlərinin əvəzində müəyyən faiz alacaqlar. Bu sözlərdən sonra müəssisə sahibi dolabdan bir keçə qurşaq çıxartdı: – Bu qurşağı görürsünüzmü? – dedi. – Bu, tibbin son icadıdır. Bunu yel tutan adam belinə bağlayır və ucunu da ştepselə keçirir. Beləcə elektriklə xəstəliyinə müalicə eləyir. Bu qurşaqlara müştəri tapmalısınız. Tələbələr bir-birinin üzünə baxdı. Riyaziyyatçı təbiiyyatçıya, o da hüquqşünasa nəzər saldı. Tibb tələbəsi soyuq bir çöhrə ilə hər kəsi gözdən keçirdi – kimsədən cavab çıxmadı. Müəssisə sahibi nitqində davam edirdi: – Bu qutudakı yaxac atların dırnağı üçündür. Yeni kəşf olunmuş bir şeydir, müsbət tərəfi budur ki, bu yaxac havanın keçməsinə mane olmur və atın dırnaqları salamat qalır. Yenə tələbələr baxışdılar. Tibb tələbəsinin üzündə maraq nişanələri göründü. Riyaziyyatçı yaxacdan heç bir təsir duymadı. Nemət gözünü döydü. – Yoldaşlar, bu qutudakı “Unon” kirşanıdır. Bunu vilayətdə satmaq imtiyazı yalnız bizə aiddir. Restoranlara çox lazım olur. Bundan bir çimdik yaş əskiyə tökülüb, silindikdə, masaların müşəmbəsindəki ləkələr büsbütün qaib olur. “Unon” Nemətin ağlına batdı, tələbələrin arxasından boylandı: – Mən götürərəm, – dedi. Müəssisə sahibi on qutu “Unon” bağlayıb, Nemətə verdi, dedi: – Altı şahıya satsanız, birində sizə üç qəpik qazanc qalır. * * * Nemət ilk rast gəldiyi restorana girdikdə qarşısına qarson çıxdı. Qarsondan: – Buranın sahibi haradadır? – deyə sordu. Qarson turş bir sifətlə: – Nəyinə lazımdır? – İşim var. – Məşğuldur. Nə istəyirsən? Bu sualı verərkən qarson şübhəli bir nəzərlə Nemətin qoltuğundakı qutulara baxdı: – Məşğuldur! – dedi və çevrilib getdi. Nemət irəliyə yeriyib, bir başqa qarsondan sahibi sordu. Bu qarson daha sərt cavab verdi: – Əfəndi, restoran sahibi məşğuldur. Studentlərin əlindən təngə gəlmişik, gündə yüzü gəlir, hərəsi də bir şey təklif edir. Bunu bilin ki, bizə heç bir şey lazım deyil... Bu sözləri deyə-deyə qarson qapıya yaxınlaşıb açdı. Bu hərəkəti ilə qarson Nemətə “rədd ol, get” demək istəyirdi. Lakin Nemət durdu və əzbərlədiyi sözləri bilaaram ağzından tökdü: – Müşəmbə ləkələrini təmizləmədə “Unon” kirşanı dünyada birincilik qazanmış. Həm ucuz, həm qənaətə riayət edən, həm də ideal bir təmizlik bəxş edəndir. Qutusu yalnız otuz qəpikdir. Almasanız sonra peşman olacağınıza əminəm. Xarici sərgilərində dəfələrlə mükafata nail olmuş... Nemət xoşluqla söyləməyə və söylərkən üzündə dadlı bir təbəssüm oynatmağa çalışdısa da, qarsonun hüsni-təvəccöhünü qazana bilmədi. Qarson getdikcə hiddətləndi və axırda qəti olaraq dedi: – Əfəndi, bizi işdən qoyursunuz, dedim ki, lazım deyil. Restorandan aşağı Nemətin nəzərinə çarpan böyük bir otel oldu. Girdi və ciddi sima ilə sahibini soruşdu: – Yuxarıda, mətbəxdədir, – dedilər. Nemət sevindi və ümidlə beş mərtəbəni çıxdı. Yoğun bir xanıma rast gələr-gəlməz bülbül kimi ötdü: – Müşəmbə ləkələrini təmizləmədə “Unon” kirşanı dünyada birincilik qazanmış. Həm ucuz, həm qənaətə riayət edən, həm də ideal bir təmizlik verəndir. Qutusu yalnız otuz qəpikdir. Arvad əvvəl məsələdən xəbəri olmayan kimi dinlədi, gözlərini döydü və sonra birdən siması acı bir şəkil aldı: – Lazım deyil, – deyə studentin sözünü kəsdi. Nemət əl çəkmədi, ondan üz döndərən xanımı izləyə-izləyə “Unon”un mədhində davam etdi. Xanım bir də çöndü: – Təvəqqe eləyirəm, məni rahat buraxınız! Lazım deyil!.. Nemət pilləkəni yavaş-yavaş enərkən içinə bir şübhə çökmüşdü. Bədbin hisslər bədənini süstləşdirmədə idi. Küçəyə çıxdı. Bir az duruxdu. Fikirləşdi və işdən soyumağa başladığından məmnun olmadı. Özünə bir az ürək-dirək verdi. Sonra yeni bir qüvvə ilə yoluna davam etdi. Böyük Kreşşatik cadəsinin o tay-bu tayındakı restoran və otelləri birbəbir gəzdi. Qapıçıların və qarsonların qabalığına baxmayaraq təklifində israr etdi. Nəticədə bir qutu belə sata bilmədi. Cadənin başındakı bələdiyyə meydançasına yetişdikdə özündə bir yorğunluq hiss etdi. Tərli köynəyi bədəninə yapışmışdı. Bir skamyanın üzərində oturdu və tühaf bir sükuta qərq oldu. Bu dəqiqələrdə fikrindən heç bir şey keçmirdi. Elə bil arzu və təmayülləri də yorulub susmuşdu. Bir az dincəldikdən sonra bədəninə bir üşütmə gəldi, yaş köynəyi tamamilə soyumuşdu. Ayağa qalxdı, yavaş addımlarla bir az dolandı. Bir də gözləri sol tərəfdə kiçik bir otel lövhəsinə sataşdı. İlk baxışda lövhə ona heç bir şey bəyan etmədi, sonra onu maraqlandırdı və vicdanını susdurmaq üçün ora “baş vurmağı” qət etdi. Əyri pilləkənlərdən qaranlıq bir koridora daxil olduqda qapısı açıq böyük bir otaqda gurultular eşidildi, sərxoş səslər qulağına çarpdı. İrəli yeridikdə masanın kənarından uca boylu bir xanım qalxıb, koridora çıxdı. Nemət yorğun və sönük bir səslə dedi: – Müşəmbə ləkələrini təmizləmədə “Unon” kirşanı dünyada birincilik qazanmış. Həm ucuz... həm... – Almırıq, – deyə xanım Nemətin sözlərini kəsdi və soyuq çöhrə ilə bir az geri dönüb, tələbənin çıxıb getməsini gözlədi. Nemət təklifində davam etmədə idi: –...Qənaətə riayət edən, həm də ideal bir təmizlik verən... Xanım təkrar çəmkirdi, almayacağını ən kəskin sözlərlə Nemətə bəyan etdi. Nemət usanmadı və sözlərinə davam edə-edə əyilib ziyafət otağına baxdı. Bu halda yuxarı başda oturan iri gövdəli bir adam onu içəri dəvət etdi və sərxoşlara məxsus bir laübaliliklə əlini Nemətin çiyninə qoyub, onu dinlədi. Nemət dünyada nə qədər müsbət ləfzlər var isə “Unon” mədhinə söylədi və qutuları otel sahibinin qarşısına düzdü. Otel sahibi xoş bir sima ilə Neməti masaya dəvət etdi, dedi: – Üç dənəsini alıram... indi de görüm, sən qafqazlımısan? – Bəli. – Mən qafqazlıları çox sevirəm, xəncəri aldımı, qarnı yırtdımı?! Bu sözləri deyərkən otelçi barmağı ilə Nemətin qarnına vurdu, dedi: – Qafqazlıların sağlığına içməliyik. Qonaqların hamısı qədəhləri qaldırdılar. * * * Nemət dar və batdaqlı bir küçə ilə evə dönərkən gözləri bir elana sataşdı: “Dava vəkili cənab Baxa xüsusi katib aranır”. Nemət darvazaya yapışdırılmış kağızın önündə bir az dayanıb, dalanla içəri girdi. Sağ tərəfdə alçaq və hisli bir qapını açdı. Arıq, uzun, qırx yaşlı bir qadın yırtıq bir qoltuqda yerləşib, corab toxuyurdu. Nemət salam verib cənab Baxı soruşdu. Qadın barmağı ilə sağ qapını işarə ilə göstərdi. Nemət içəri ayaq basdıqda yarımişıq, fəna qoxulu bir otaq gördü. Sol tərəfdə on-on beş səbət sandıq üst-üstə qeyri-müntəzəm bir halda yığılmışdı. Qarşıda kirli bir yataq vardı, onun yanında yamaqlı solğun bir qoltuqda dava vəkili Bax cənabları əyləşmişdi. Falicdən əlinin biri hərəkətsiz bir halda bədəninə yapışan bu qoca sərt baxışlı, çirkin simalı bir adam idi. Kal səsi ilə Nemətə yer göstərdi. Nemət oturarkən sınıq kürsünü şıqqıldatdı. Yazı masasının üstündəki solmuş kitab və dəftərləri toz basmışdı. Hər yer ürəksıxıcı bir şəkildə idi. Cənab Bax cibindən bir dəstə açar çıxardıb, yanındakı kiçik qıza verdi, dedi: – On üçüncü səbəti aç. Çocuq səbətlərin üstündən kiçik bir səbət endirdi və qıfılını açmaqda çətinlik çəkdikdə cənab Baxın hiddətinə səbəb oldu: qocanın üzü qırışdı, gözlərindən zəhm yağmağa başladı. – Qolu qırılmış qıfılı da aça bilmir, – dedi. Qız bu sözlərdən özünü daha da itirdi; əlləri titrədi, rəng alıb, rəng verdi. Axırda qıfıl açıldı. Qırağı getmiş bir çanta çıxdı. Cənab Bax bir əli ilə bunu açdı və içindən kiçik bir risalə çıxartdı: – Bu, “Dalandarlar rəhbəri”dir, – dedi, – mən tərtib etmişəm. Dalandarların vəzifəsini, qanunən nə növ hərəkət etmələrini təyin edən bir düsturdur. İndi bunun ikinci təbinə davam etməliyik. Sizin ilk işiniz şəhəri dolanıb bu risalə üçün elan toplamaqdır. Təbiidir ki, zəhmətinizə müqabil müəyyən faiz alacaqsınız. Anladınızmı? – Anladım. Deməli, dükan, mağaza, şirkət və qeyri bu kimi müəssisələrin elanını bu risalədə dərc edəcəyik. – Elə, ancaq elan yığmadan əvvəl pasportunuzu mənim yanımda qoymalısınız və toplayacağınız pulları hər axşam saat yeddidə mənə təhvil verəcəyinizə dair bir sənədə imza atmalısınız. Nemət cənab Baxın şərtlərini qəbul etdi. Cənab Bax sənədi bir əli ilə gözünün qabağına apardı, diqqətlə oxudu və hiddətlə dedi: – Hüquq nöqteyi-nəzərindən bu sənəd saxtadır. Saxta sənədin qanunən cəzasını bilirsinizmi? Nemət şaşdı və sənədi geri alıb baxmaq istədikdə cənab Bax vermədi. – Dursun! – dedi, – burada ay və il qoymalısan, imzanı aydın yazmalısan. Nemət cənab Baxın təlimi üzrə təkrar yazdı, ayı və ili qeyd etdi və axırda qol çəkdi. Cənab Bax kağızı təkrar gözlərinə yanaşdırdı, diqqətlə oxudu və sonra çeşməyin üstündən şübhə ilə Nemətə baxıb dedi: – Kafidir. Nemət “Dalandarlar rəhbəri”ni götürüb getdi. * * * Sabahdan axşama qədər şəhəri dolaşdısa da Nemət heç bir elan toplaya bilmədi. Yorğun və məyus bir halda evə dönüb yatdı. O biri gün yataqda ikən qapısı açıldı, dalandar içəri girdi: – Ağa, sizi bir əfəndi aşağıda gözləyir, – dedi. Nemət aşağı endikdə, bir də... cənab Baxın hiddətli gözlərinə rast gəldi. Cənab Bax Nemətin gözlərinə elə bir zəhmlə baxdı ki, tələbənin vücuduna titrətmə düşdü. – Siz, – dedi, – sənəd verirsiniz də, ifa etmirsiniz. Bilirsinizmi qanunən bunun cəzası nədir? Ləin armyaşka, səni həbsə soxduraram da, onda məni tanıyarsan... murdar armyaşka! Cənab Bax gözlərini Nemətə zilləməklə bir neçə dəqiqə ona əzab və qorxu təlqin edib, ayağını sürüyə-sürüyə getdi. * * * Hakim ərizəni gözdən keçirərkən cənab Baxın adına təsadüf etdi və o saat ərizəni masanın üzərinə qoyub, heyrətlə Nemətə baxdı: – Cənab Baxa müqabil mənim heç bir qüvvətim yoxdur! – dedi. – Çünki qanunda təhqirə qarşı göstərdiyiniz maddəni şərh edən başqa bir maddə var: bu da coşğun və əsəbi hallarda olunan hərəkətlərə dairdir. Bu maddə mövcibincə cənab Bax məhkəmədə belə sizi təhqir edər, cəzalanmaz... Nemət acıqlı bir halda dedi: – O günü gəlib, məni dalandarın yanında rüsvay edib, bir gün sonra evinə gedib, pasportumu tələb etmişəm söyüb, qovub. Haqqımı müdafiə etmək üçün ədalət qapısına müraciət edirəm də “cənab Bax qanunun fövqindədir” deyirsiniz. Hakim sakit bir halda Neməti dinlədi və axırda dedi: – Əzizim, Bax haqqında hər həftə buraya ərizələr gəlir və hamısı da nəticəsiz qalır. Bildinizmi? Bu adam xəstədir və hədsiz-hesabsız gənclərin pasportları onda yatır... – Yaxşı, bəs mənə məsləhətiniz nədir? – Polisə müraciət ediniz. Ayrı çarə yoxdur. Nemət məyus bir halda məhkəməni tərk etdi. O, hüquq fakültəsini intixab edərkən hüququn hər şeydən yüksək olduğunu və hər şeyə qələbə çaldığını təsəvvür edirdi. Məhkəməyə gəldiyi ilk təcrübə isə Nemətin indiyə qədər yanlış düşündüyünü göstərdi. Polisin qapısına gəlincə haqq və ədalətin olmaması Neməti məşğul etdi, artıq polisə də inanmamağa başladı. Odur ki, pristavın iri heykəli, uzun bığları və qüruru ona heç bir təsir bəxş etmədi. – Nə iş üçün gəldiniz? – deyən pristava Nemət dərdini uzun-uzadı anlatdı. Lakin “cənab Bax” sözü pristavı da şaşırtdı, əllərini çırpdı, yerindən qalxdı. – Baxa qarşı mənim heç bir qüvvətim yoxdur, – dedi. – O bir dalaşqan adamdır, onu hər kəs tanıyır. Arvadını qovmuş, uşaqlarını tərk etmiş, oturduğu otağa kirayə vermir. Bunu amirlərimiz də bilirlər, qubernatora da məlumdur. – İndi bəs nə etməliyəm? – Ən doğrusu, bir gün kefinin yaxşı vaxtı yanına gedin, pasportunuzu istəyin. Vəssəlam. Nemət pristavı da məyus bir halda tərk etdi. Bir axşam nə olur-olsun deyə Nemət cənab Baxı ziyarət etməyə qərar verdi. Bu addım ağır bir addım idi. Başqa da çarə yox idi. Getdi. Sönük və zəhmli darvazaya yaxınlaşdıqda orada “Dava vəkili cənab Baxa xüsusi katib aranır” deyə yeni bir elana təsadüf etdi. Düşündü. Ona bir ürək çırpıntısı gəldi. Sonra “nə olacaq olsun” dedi və cəld içəri girdi. Cənab Bax şüşəsi hislənmiş, tozlu bir çırağın qarşısında oturub, çay içirdi. Kiçik qız pilətənin üstündəki çaydanı güdürdü. Otağın qoxulu havası yenə can sıxırdı. Cənab Bax Nemətə yer göstərdi: kürsü yenə şıqqıldadı, sonra dərin bir sükut otağı bürüdü. Qız bir çatlaq stəkanda çay gətirdi; Nemət çayı alarkən gözü cənab Baxa sataşdı; üzü sakit idi, gözlərində tühaf bir hüzn var idi. Bir də xəfif bir təbəssüm üzünə yayıldı. – Deyirlər, siz şairsiniz, eləmi? – dedi. Nemət şair deyil idisə də, cənab Baxı razı etmək üçün başını tərpətdi. Bax sevindi. – Mənim qızım da şer yazır, – deyə cibindən açar dəstəsini çıxartdı və qıza: – Al, on yeddinci səbəti aç! – dedi. Qız səbətdən bir kağız bağlısı çıxartdı, Baxa verdi, solmuş və tozlanmış bu bağlının içindən Bax bir qırmızı risalə ayırdı: – Alınız, buradakı “Şehli qönçələr” adlı şeri oxuyunuz. Nemət risaləni əlinə aldıqda sərlövhəsi diqqətini cəlb etdi: Olya Bax. “İlk təcrübələr” sözü onu bir az fikrə daldırdı. “Kim bilir, şair qəlbli Olya atasının üzündən nə faciələr keçirmiş” – deyə düşündü. Bu anda cənab Bax kədərli gözlərini Nemətə dikmişdi. Tələbə “Ey sübhün tərənnümü, ey şehli qönçələr” misrası ilə başlanan şeri oxudu və səsində göz yaşları titrər kimi oldu. Bax da kövrəldi, gözlərində parıldayan yaşlar kirpiklərindən süzülməyə başladı. Anlaşılmaz bir əzab üzünün cizgilərini daha da dərinləşdirdi. Bu dəqiqələr cənab Bax Nemətin gözündə o qədər yüksəldi ki, onun bütün qəbahətləri silindi, əfv olundu. İndi artıq ona qarşı nifrət deyil, acınacaq hisslər duydu... Cənab Bax risaləni geri aldı, diqqətlə büküb qıza verdi və dedi: – Qoy yerinə, sonra on üçüncü səbəti aç. Qız səbəti açarkən cənab Bax ciddi bir sima ilə Nemətə sual verdi: – Mənim adıma heç bir yerdən pul almadığınıza dair söz verirsinizmi? – Verirəm. Bunu yazınız və altından qol çəkiniz. Dürüst yazınız, ay və il unudulmasın. Nemət yazdı və sənədi imzaladı. Cənab Bax kağızı gözlərinə yaxınlaşdırdı, diqqətlə oxudu, sətirlərən təkrar-təkrar göz gəzdirdi, bir qüsur tapa bilmədi: – Bir də məndən pasportunuzu geri aldığınıza dair yazınız. Nemət ikinci kağızı yazmağa başladı. Cənab Bax yenə göz gəzdirdi: – Pasportun nömrəsi və hansı şəhər polisindən verildiyini unutmuşsunuz, – dedi. Nemət sənədi təzələdi. Cənab Bax kağızı təkrar gözlərinə yanaşdırdı. Tədqiq etdi və axırda çantasında gizlətdi. Nemət pasportu böyük bir sevinclə cibinə qoyub qalxdı. – Salamat qalınız cənab Bax! – dedi. Bax əlini Nemətə uzadarkən təkidlə soruşdu: – Mənim adıma heç bir yerdən pul almadığınıza dair söz verirsinizmi? – Verirəm. Nemət cənab Baxın əlini tühaf bir vəcdlə sıxdı və ağır havalı otağı tərk etdi. Küçəyə çıxarkən dünyada ondan xoşbəxt bir adam olmadığını hiss etdi. 1927 * * * Bir qaçqının dəftərindən Yuxudan anlaşılmaz bir nikbinliklə ayıldım. Dünya mənə o qədər gözəl, o qədər cazibəli göründü ki, heyrətimdən şaşdım, qaldım, halbuki vəziyyətim seviniləcək bir halda deyil idi. Bir ay idi ki, fabrikdən qovulmuşdum, yeni iş tapmaq mümkün deyil idi, aclıq da məni tabdan salmada idi. Bunlara baxmayaraq xoş bir hisslə yataqdan qalxdım, geyindim, yuyundum. Birdən mənə bir zəiflik gəldi, vücudumu tər basdı, kürsünün üstə çökdüm, başım gicəlləndi. Bir neçə gün idi ki, bişmiş yeməmişdim, dünən bir parça yavan çörəyi belə güclə tapmışdım. Bu sabah yavan çörəkdən belə məhrum idim. Bir-iki dəqiqə qulaqlarım cingildədi, sonra özümə gəldim. Nikbin və ümidbəxş hiss məni tərk eləməmişdi; dünya yenə gözəl, həyat yenə dadlı idi. Bir də ağlıma bir fikir gəldi – cəld durub, divardan asılan paltarlarımın ciblərini axtarmağa başladım. Dəlik-deşik cibləri birbəbir əlləşdirdim, böyük diqqətlə tədqiq etdim, əlimə bir şey keçmədi. Qəribə burasıdır ki, köhnədən, yaddan çıxıb qalmış pul olar, deyə son həftə hər sabah bu ciblər eyni diqqət və ümidlə araşılmışdı, bir şey tapılmamışdı. Bunu bilə-bilə bu dəfə də paltarlardan şübhə ilə aralandım, fikirləşdim və ümid məni tərk etmədi. Dolaba yanaşdım. Sınıq qapısını cırıltı ilə açdım, camaşırları qaldırdım, üst gözü nəzərdən keçirdim – nə pul və nə də yeyiləcək bir şey gözə çarpdı. Orta gözü daha diqqətlə araşdırdım: bir boşqab, bir fincan və bir sapılcadan ibarət mətbəx müxəlləfatımı bir tərəfə topladım, boş şəkər qutusunu itələdim... Burada da qarın doyuracaq bir şey tapa bilmədim. Təkrar kürsünün üzərinə çökdüm, nəfəs almağa başladım, zəiflikdən vücuduma gələn təri soyutmağa çalışdım... Xoş və tühaf hisslər ruhumu oxşamaqda idi. Bir də məndə bir laqeydlik hasil oldu: yaxşı və yaman, ləzzət və əzab, səadət və bədbəxtlik... gözümdə əsil mənalarını itirdilər. Bu boşluq içərisində ayağa qalxdım, istər-istəməz dolabın alt gözünü nizama salmağa başladım. Qəzet və kitabları bir tərəfə yığdım, kirli camaşırı bağladım və atılıb qalmış köhnə kordon qutuları yerbəyer etdikdə heyrətimdən donub qaldım... siçanlar tərəfindən qaçırılıb burada tərk olunmuş bir parça çörəyə rast gəldim. Bilmirəm hansı bir nagahani qüvvə ilə barmaqlarım bu qurumuş və toz basmış parçaya sarıldı... Bir dəqiqə koridora çıxıb, çörəyin tozunu təmizlədim, qurna altında yudum və sonra dəsmala sarıyıb yastığımın altına qoydum. Oturub, çörəyin yumşalmasını gözləyirkən laqeydlik vücudumu tərk etmişdi. Çörəyi yeyib, eyni hisslə də oteli tərk etdim. * * * Otelçiyə bir neçə yüz frank borcum var idi. Onun üçün qapıdan elə çıxdım ki, otelçi məni görmədi. Küçədə rahat və asudə nəfəs ala bildim. Ac idim, lakin iştaham elə küsmüşdü ki, könlüm nə istədiyini belə kəsdirə bilmirdim. Fikirsiz və müəyyən plansız bir halda küçə ilə getdim. Sena çayına tərəf yönəldim, bir də durdum: yediyim çörək parçası daş kimi mədəmə yığılıb, məni incitməyə başladı. Nəfəsim kəsilən kimi oldu, elektrik dirəyinə söykənib qaldım. Tər vücudumu təkrar bürüdü. Yanımdan keçən bir müsyönün papiros tüstüsü məni bir müddət məşğul etdi. Havada layla duran tüstüyə burnumu yaxınlaşdırıb qoxuladım, dərin bir həzz duydum. İki gün dəf olunmamış tütün nəşəsi bir az sakit oldu və süst fikrim açılmağa başladı. Məndə anlaşılmaz bir ümid canlandı, həyata və yaradılışa qarşı istehza ibraz edən bir təbəssüm dodaqlarımı əydi. Sancıdan özümü toxdadıb, bir az da getdim: fabriklərin mənhus bacaları gözümə sataşdıqda, sinirləndim, içimə dərin bir soyuqluq çökdü, geri döndüm. Məqsədsiz və plansız yürüməmdə yenə davam etdim. Fikrimdə bir boşluq hökmfərma idi. “Dünən” və “sabah” mənim üçün mənadan məhrum idi. Yaxşı, yamanlıq, toxluq və aclıq məfhumlarına qarşı yenə yad və laqeyd idim. Bu boşluq və laqeydlik içərisində yürüdüm. Bir də yolla keçənlərdən birisi nəzərimi özünə cəlb etdi: – Xristofor! – deyə bağırdım. Ayaq saxladı, durdu. Sərt bir nəzərlə mənə ayaqdan başa qədər baxdı, tanımadı. Yaxınlaşdım. Laübalı bir surətdə əl uzatdım: – Bakıda məktəbdə bərabər oxuyurduq, unutdunmu? – dedim. Heyrətəngiz bir təbəssüm üzünə yayıldı, cürətsiz əlini uzadıb, əlimdən yapışdı: – Familiyanız nədir? – dedi. Özümü nişan verdikdə bərk-bərk əlimi sıxdı: – Bağışla, heç tanımadım, – dedi, – təbii deyilmi, o zamandan neçə il keçir? Bir az fikirləşdim, hesabladım, dedim: – On yeddi il! – On yeddi! – deyə içini çəkdi, qəhqəhə ilə güldü və sonra siması cəld dəyişdi: – Bu on yeddi il nə tez gəlib getdi, – dedi və dərin fikrə qərq oldu. Mən də məyus oldum: həyatımın gözəl bir hissəsinin keçdiyini yavaş-yavaş dərk etməyə başladım. Nikbinlik dumanı fövrən qəlbimi tərk etdi və həyatımın nə qədər acı olduğunu duyub kədərləndim. Bir də sancı təkrar məni incitməyə başladı, tər içində divara söykəndim. Xristofor sevinc və heyrətlə: – On yeddi il əvvəl söyləsə idilər ki, bir zaman Parisin kənarında kiçik bir şəhərdə görüşəcəksiniz – inanmazdıq. Gör həyat nə qədər qəribədir... İndi de görüm, burada nə qayırırsan? Nə təhər oldu ki, buralara düşdün? – Oldu, görürsən buradayam. Sən nə vaxt gəldin? Üç ildir buradayam, sənə ilk dəfə təsadüf edirəm.. – Mənim işim uzundur. Gedək qəhvəxanaya bir şərab içək. Getdik və yol gedərkən dostumu nəzərdən keçirdim – başdan ayağa şıq geyinmişdi. Bunun halı məndə ümid doğurdu; dedim: “Yəqin xidməti var, mənə də bir yer tapar, aclıqdan qurtararam”. Halbuki məsələ mənim təsəvvür etdiyim kimi deyilmiş. Qəhvəxanada birinci qədəhdən sonra Xristofor halını anlatdı. – Əzizim, – dedi, ömrümüzün ən ləzzətli vaxtı məktəb zamanı imiş. Ondan sonra yollarımız ayrıldı. Bilirsən ki,mən hərbi məktəbə getdim; daha bir də bu günə qədər görüşmədik. Dünya müharibəsi, vətəndaş davaları, Vrangel ordusunun çəkilib getməsi – bunların hamısında iştirak etdim... təfsilata hacət varmı? – İllərcə sipərlərdə, ölüm qarşısında... Xristofor susdu. Dərin bir yanğı ilə qədəhi başına çəkdi. Papiros çıxartdı. Qutuda qalmış son iki papirosu bölüşdük. Böyük bir həzlə çəkə-çəkə soruşdum: – Bəs Krımdan nərəyə getdin? Mən səni İstambulda görmədim. – Bizi Çanaqqala civarına götürdülər, oradan Yunanıstana qaçdım. Əvvəllər işlərim fəna deyildi: arvadımla bir restoran açdıq. Bir az pul qazanıb bir avtomobil aldım, şoferlik elədim. Bir gün arvadımın bir qrek tacirinə qoşulub getdiyini bildim. Həyatım alt-üst oldu. Məni vaxtilə sevən, yolumda göz yaşları axıdan bir qadının yoxsul günümə təhəmmül edə bilməyəcəyini təsəvvür etməzdim. Haldan çıxdım, dünya bütün ləzzətini gözümdə qaib etdi. Cinayətə qəsd etdim. Bir gün dənizə qayıq seyri yapdıqları vaxt qadını öldürüb, qreki də yaraladım. Xristoforun rəngi üzündən götürülmüşdü, dodaqları titrəyirdi... – Sonra? – deyə cəld soruşdum. – Sonra nə olacaq ki, avtomobilə minib qaçdım, bir şirkətlə müahidə bağlayıb, əmələ sifəti ilə Fransaya gəldim. Məni Parisdən uzaq bir kənddə ziraət işinə qoydular... onda əcnəbinin və qürbətin nə olduğunu anladım. Bunlar bizim müttəfiqlərimiz idi. Axırda “müttəfiq”in nə zibil olduğunu bildim... Xristofor yenə susdu. “Müttəfiq” sözü elə bil Fransada çəkdiklərini təkrar gözlərinin önünə gətirdi. Ruhunda qopan qələyan simasına da sirayət etdi – hiddətləndi, qəhvə dəsgahının qarşısında gəzinməyə başladı. Bir də cəld mənə yanaşdı: – Əzizim, “müttəfiq”lərimizin mənim kimi zabitləri gətirib mehtərliyə qoyacağını bilsə idim müharibənin ilk günü padşahıma və hökumətimə qarşı üsyan yapardım! Mən maraqla: – Neçə aydır Fransadasan? – dedim. – Altı aydır! – Bəs nərədə idin? – Beş ay kənddə işlədim. Sahibim hər sabah məni saat beşdə oyadırdı. Vəzifəm səkkiz at və on beş inəyə baxmaq idi. Bunları təmizlədikdən sonra məni tarlaya göndərirdi. Axşam saat səkkizə qədər işləyirdim. Yeməyimdən başqa mənə beş frank verirdi. Bu da papirosuma və dəlləyə gedirdi. Zatən dəlləyə getməyə belə vaxt yox idi. İşdən çıxar-çıxmaz başımı bir yerə atıb yatırdım... Pasportum sahibimdə, yol kirayəsi də yox – deməli qaça da bilməzdim. Nə isə, bir gün saxta bir pasportla özümü Parisə yetirdim... Bu gün, görürsən, bir yerdəyik. Sözünü qurtarar-qurtarmaz Xristofor qəhqəhə ilə güldü və nəşə ilə məndən soruşdu: – De görüm, harada qulluq eləyirsən? – Heç yerdə! – Bəs necə dolanırsan? – Hər kəs kimi. – Deməli, acsan, otelçiyə borclusan... iləx... xi-xi-xi! Deməli, mənim kimi. – Sən də mi işsizsən? – deyə heyrətlə soruşdum. –Təbii... yoxsa zahirim səni aldatdı? Xristoforu bir də təpədən dırnağa nəzərdən keçirib, şübhə ilə: – Elə! – dedim. – Bu şıq zahirin də faciəli bir tarixi var. Bax, nə qəribə iş oldu. Müharibədən əvvəl xalam qızı Rusiyada bir belçikalıya ərə getmişdi. İnqilab zamanı bunlar Rusiyanı tərk etdilər. Bu günlər xalaqızının Brüsseldən əri ilə Parisə gəldiyini öyrəndim. Yanına getdim... Gözəl bir oteldə görüşdük. Halımı, təbiidir ki, onlara bildirmədim. Zabitlik şərəfini hələ mühafizə edirdim. Əynimdəki paltarlar xalaqızının nəzərini cəlb etdi, məni Paris mağazalarının birinə götürdü, başdan ayağa qədər bəzədi. Bu qədər. Onlar nə qədər burada idi, bərabər gəzib, bərabər yeyirdim. Parisi tərk etdikləri günün sabahından etibarən aclığa davam etmədəyəm. Son frankları bu şərabçıya verəcəyik. * * * Xristoforla yavaş-yavaş Klişi darvazasına tərəf gedirdik. Saat on ikiyə az qalırdı. Nə o, nə də mən danışmırdıq. Birdən sükutu pozdum... – Xristofor, – dedim, – heç olmazsa, həftədə bir dəfə mükəmməl yeməliyik. – Bir yerə ümidinmi var? – deyə yoldaşım cəld soruşdu: – Deyəsən var. Burada bir rus mühərriri var, qaçqınlardandır. Bir qəzetdə şərq məktubları yazır. Məlumatın çoxunu da məndən alır. Əvəzində qazandığının 25 faizini mənə verir. O günü bir Bombey məktubu yazdı, əgər qəzet qəbul etdisə, bu gün idarədən pul alacaq, gedək görək alıbmı. Xristoforun gözlərinə işıq gəldi. Klişi darvazasını keçərkən birdən gülə-gülə soruşdu: – Deməli, mühərrir Bombeyə “getmişdi”. – Təbii, dünən Bombeydə idi, bu gün də yəqin Tehrandadır. İkimiz də qəhqəhə ilə güldük. Klişi meydanına gəldik, sağ tərəfdə Bua küçəsinə döndük və kiçik bir otelə girdik. İlk pillələri çıxmadan divardakı sadə qapını açdıq, qaranlıq, fəna qoxulu bir otağa daxil olduq. Mühərririn mənzili o qədər balaca idi ki, bir çarpayı və kiçik masa zorla buraya sığışmışdı. Kirli yataqdan arıq, pırtdaşıq tüklü bir adam qalxdı. Üzr istədi və üzərindəki qəzetləri döşəməyə töküb dedi: – Xoş gəldiniz, yoldaşlar! Amandır, bir papiros verin! İkimiz də çiyinlərimizi atdıq. Mühərrir bundan məyus olaraq yatağından dik qalxıb, ayaqyalın döşəmənin üzərinə endi və tiryəki kimi masanın və çarpayının altına diqqətlə baxmağa başladı. Sonra hövlnak yürüyüb, boş papiros qutusunu əlinə götürdü, baxdı, hövkələyib atdı. Bir də cəld əyilib, yerdən çəkilmiş bir papiros qırığı tapıb, müştüyünə qoydu, yandırdı. İki nəşəli qullabdan sonra papiros əriyib getdi. Tiryəki mühərririn nəşəsi elə bil bir az yatdı. Ağlı başına gələn kimi oldu; bizə çarpayının üstə yer göstərdi. Oturduq. O da kirli və yırtıq-sökük paltarlarını geyməyə başladı: – Qəribədir, ha çalışırsan qarnını belə doyura bilmirsən, – dedi. – Təzə paltar isə mənim üçün bir məfkurə təşkil edir. Kim bilir, ömrümdə bir də təzə geyim mənə qismət olacaqmı? Hamımız güldük. Sonra mən soruşdum: – Bombey nə oldu? – Yaxşıdır. Bu gün hind millətçilərinin şərəfinə içərik. Müdir çox bəyənmiş. İndi növbət Tehrana gəlir. Rza şahın qürənalarından biri ilə mülaqat yapmalıdır. – Yaparıq, o asandır! – deyə Xristofor mühərririn sözünü kəsdi; – mən Tehranda çox olmuşam. Hər küçəsinə bələdəm. – O!! Bu çox gözəl oldu! Deməli, yaşayırıq! – Yaşayırıq! – Ancaq bir iş var: mənim bu çəkməmi görürsünüzmü? Allahdan can diləyir. Görürsünüz ağzını necə açıb, bunu bir təhər geyib, çəkməçiyə gedərik, sonra da idarəyə. * * * Mühərrir dabanını yerə ehmal qoya-qoya yola düşdü. Mən də bunun bir qoluna girdim ki, çəkməyə güc düşüb, daha da cırılmasın. Bu surətlə çəkməçi dükanına gəldik. Bir qədər də orada gözləyib, idarəyə getdik. Mühərrir idarədən çıxana qədər biz küçədə durduq. Yan tərəfimizdə bir qəssab dükanı var idi. Ətlər səliqə ilə kəsilib, sümükdən aralanıb, mərmər masalar üzərində boşqablara düzülmüşdü. Çəngəldən asılan şaqqalar süni yarpaqlarla bəzənmişdi. Bu cazibəli mənzərəni görərkən xəyalən bu ətləri ləzzətlə qovurdum... yığın-yığın tüpürcək ağzını doldurdu. Qarşımda meyvə dükanlarında alma, armud, muz və portağallar işvəkar bir vəziyyət almışdı. Dilfirib rəngləri ilə adamı cinayətə sövq edirdi... Birdən nəzərim bunlardan aralandı: göylərə çəkilmiş kaşanələr gördüm, küçədən sel kimi axıb gedən avtomobillər gözümə çarpdı... Başıma xudkam fikirlər gəldi, öz-özümə dedim: “Madam ki, mən bu bolluq və zənginlik içində acından ölürəm, yıxılsın bu kaşanələr, məhv olsun bu zəngin həyat!” Qanım coşdu, inqilab hissi bütün vücuduma yayıldı... Bir də mühərririn səsi məni ayıltdı. – Yoldaşlar, – dedi, – bu gün yemək qismət olmayacaq, kassir yoxdur. Pulu, ehtimal, sabah alacağıq. 1927 * * * Son səhifə Bir ay davam edən dəhşətli mücadələdən sonra indi artıq asudə nəfəs ala bilərdi. Çarpayısının üzərində uzanaraq, papirosun tüstüsünü havaya buraxır, düşünürdü. “Bəlkə çocuq ölməyəydi?” – deyə fikrindən keçirdi. Haman, rəngi üzündən götürüldü; ona bir əsəbiyyət gəldi. Cəld yatağından qalxdı. Papirosu kül qabına basıb, otaqda gəzinməyə başladı. Xırda otağında bir-iki dəfə ötəyə-bəriyə gedib, sinirlərini yatırmaq üçün yazı masasına oturdu. Oranı nizama salmağa başladı. Mürəkkəb qabını ortaya, iki tərəfinə güldanları qoydu. Kənara düşmüş biriki kibriti kül qabına atdı. Masanın arxasındakı divara yapışdırılmış bir neçə çılpaq qadın rəsmlərinə və solğun fotoqrafiyalara gözü sataşdı. Bir qrupun içində öz şəklini gördü. İllərdən bəri burada asılan bu qrupu indiyə qədər sanki görməmişdi – heyrətlə onu süzdü; xoşlandı. İyirmi il əvvəlin yadigarı olan bu qrup onun xəyalında bir çox şeyləri ehya etdi. O zaman o yenicə müəllim olmuşdu; iri dairəli bir şapka almışdı, çiyinləri köndələn çinli, işıldar piləkli tujurka ismarlamışdı. Təyin olunduğu kəndə böyük bir həvəslə yola düşmüşdü... İştə, o zaman Xədicəyə rast gəlmiş, evlənmək niyyətinə düşmüşdü... Xədicə göstərilib, əvəzində dul anası gəlin gəlmişdi... Fikri qarışdı. Uzaq xatirələr bir-birinin arxasınca gözünün önündən gəlib keçdi. Bir il sonra qadını kənddə buraxıb, şəhərə gəlmişdi. Burada atası onu el adətincə nişanlayaraq, gözəl toy etmişdi. Üç ildən sonra yenə ayrılmışdılar... Üçüncü qadın gənc ikən ölmüş, özündən sonra bir qız qoyub getmişdi... Dəhşətli əsəbiyyət əl barmaqlarını soyutdu. Qeyri-şüuri bir halda papiros yandırdı, ağzına alıb, kürsünün arxasına söykəndi. Ağzından buraxdığı mavi həlqələrin arasından gözünə bir çox qadın simaları göründü. Bir an sıxılan ürəyi haman açıldı; səbəbsiz bir nəşə ruhuna hakim oldu. Tühaf bir təbəssümlə masasının qutusunu açdı. Bir yığın kağız arasından qalın və yıpranmış bir dəftər çıxardı, masanın üzərinə qoyub gözdən keçirdi. Bir-iki dəqiqə əvvəl xəyalında cövlan edən qadın simaları bütün tərcümeyi-halları ilə dəftərin səhifələrində canlanmağa başladı... Qələmi əlinə aldı. Uzun qovğadan sonra əlli manat pul və bir qədər ev şeyləri ilə razılaşdırıb, üç gün əvvəl yola saldığı Katyuşanın tərcümeyi-halını yazmağa başladı... Birdən qapı döyüldü və “Xəlil Abbasov” – deyə poçtaçı içəri bir məktub atdı. Xəlil masadan qalxdı, məktubu götürərək, sakit bir halda adresinə baxdı, möhrünə diqqət etdi. Anasından olduğunu bilirdi; çünki başqaları ilə irsal-mərsulu yox idi. Zərfi cırdı. “Yenə pulmu istəyir?” – deyə sətirləri gözdən keçirdi. Anası pul istəmirdi, lakin halından şikayət yazırdı. Qocaldığını və oğlunu könlü istədiyini qeyd edərək, nəvəsinin də həsrətdə qalıb atasını arzuladığını əlavə edirdi... Xəlil məktubu masanın üzərinə atdı. Bir az hiddətləndi, papiros yandırdı və çəkə-çəkə qapıya yanaşdı. Qapının şüşəsindən dışarı baxdı. Qarşı tikililərin üstündən tutqun göy görünürdü. Xəlilin könlü də elə tutqun idi. Payızın havası onun vəziyyətini bir qat daha fənalaşdırırdı. Yadına gətirmək istəmədiyi qızı indi onda atalıq hissi oyatdı. Qızına acımağa başladı. Kədərləndi. İyirmi illik macəraları ilk dəfə olaraq onu incitməyə başladı. Gözlərinə yaş gəldi. Döndü və başını yasdığına söykəyib uşaq kimi ağladı. * * * Bir həftə sonra Xəlil gənc bir qız və bir qadınla otağına girdi. Nəzakətlə bunların paltolarını soyundurdu. Yer göstərdi, oturdular. Otağı əlindən gələn qədər bəzəmişdi: yemək masasının üzərinə ağ süfrə çəkmişdi, yazı masası üzərinə süni çiçəklər qoymuşdu. Yataq camaşırını təzələmişdi. Xəlil müsafirlərini fotoqrafiyalarla əyləndirməyə çalışdı. Qızının şəklini göstərdi və anasız qaldığını kədərlə anlatdı: – Mən çox talesizəm! – deyə əlavə etdi. – Nə üçün? – deyə qadın sordu. – Kişinin qadını ölməsinin nə qədər ağır olduğunu bilmirsinizmi? İndi baxınız subaylıq nə fəna şeydir. Çalışıram, qazanıram, lakin heç bir məqsəd təqib edə bilmirəm. Yoldaşım olsa, onun üçün çalışmağım mənə böyük bir təsəlli olardı. Qızım da yetimlik hiss etməzdi... Qadın gülümsədi: – Siz belə ailə dostu olduğunuz halda indiyə qədər subay qaldığınıza heyrət edirəm... Xəlil məsum bir halda: – Heyrət etməyiniz, – dedi, – bu zamanda ailə qüdsiyyətini anlayan azdır. Hər kəs macəra üçün ərə gedir, beş gündən də sonra boşanır. Halbuki mən belə düşünmürəm: insan həyatında bir dəfə evlənməli, gözəl bir ailə təşkil edərək məsud bir həyatın baqiliyinə çalışmalı. Xəlil bir ah çəkərək, dolaba tərəf yönəldi və əvvəlcə hazırladığı konfet, meyvə və pastaları masanın üzərinə düzdü. Qadın: – Aman, niyə zəhmət çəkirsiniz? – dedi. Xəlil cavabında: – Bir zəhməti yoxdur. Pul sərf etmək üçün qazanılır. İndi sizə bir çay da qoyum. Qızla qadın ikisi bir yerdə: – Aman, rahatsız olmayınız! – dedilər. Xəlil məmnun bir təbəssümlə xörək maşınını yandırdı və çaydanı üzərinə qoydu. – Burada hər bir müxəlləfatım yerində, ancaq... evin xanımı yoxdur! – deyə Xəlil gülümsündü. Qadın otağı gözdən keçirərək: – Məncə, – dedi, – bu asan bir işdir. – Bir o qədər də asan deyil! – Nə üçün? – Adam tapmaq çətindir. – Adam tapılar. – Haradadır ki?.. Qadın gülümsədi, sakin səslə: – Tapılar! – dedi. Qız qadının üzünə baxaraq, qızardı və həyəcanını bildirməmək üçün əlini uzadıb, masanın örtüsünü düzəltdi. Xəlil məqsədinə nail olacağını duyaraq nəzakətini bir qat daha artırdı. Qız və qadına çərəz təklif etdi, şən və xoşsifət görünməyə çalışdı. Bu halda çaydan coşmada idi. Xəlil çay dəmləməkdə ikən qadın qızın qulağına bir şey pıçıldadı, qız qıp-qırmızı kəsildi. Xəlil stəkanları masaya gətirərkən qızı şən gördükdə laübalı bir halda: – Bax, çay hazır, tökülməsi də gənc xanıma həvalə olunur, – dedi. Qız təkrar qızardı və qadının təklifi üzrə qalxıb çay tökdü. Xəlil dolabdan iki küpə mürəbbə çıxardı. Qadın bunu görcək: – Aman, nə evdar adamsınız! – dedi. – Ciddən sizə bir xanım lazım... yəqin bu işin düzəlməsinə də mən səbəb olacağam. Xəlil gülə-gülə: – Sizi indidən vəkil edirəm, – dedi. – Eləmi? – Elə! – Ciddən? – Sözüm doğrudur. * * * Üç gün sonra ZAKS Xəlilin pasportuna “Marqarita” adını əlavə edərək, möhrü ilə təsdiq etdi. Marqarita Xəlilin otağına köçdü və on gün tam mənasilə xoşbəxt bir həyat keçirdi. Lakin bu on gündən sonra vəziyyət get-gedə dəyişməyə başladı. Xəlilin mənfi tərəfləri yavaş-yavaş meydana çıxdı. Bunun son dərəcə əsəbi olduğu aydınlaşdı. Əhəmiyyətsiz bir işdən ötrü qadını söyər, ona hiddətlənərdi. Bir ay keçmədən Marqaritanın həyatı acı bir şəkil aldı. Bir gün Xəlil evə gəldi, Marqaritanı qonşuda gördü. Çağırdı: – Sənin qonşuları gəzməyini bilsəydim, həyatımı sənin kimi alçağınn həyatına bağlamazdım, – dedi. Marqarita heyrətlə: – Qonşuya getmək eyibmidir? – Eyibdir! Alçaq! Satqın! Marqarita məsum bir halda: – Rica edirəm məni təhqir etmə! Qonşuda qoca qarı ilə qızından başqa kim var ki?! – Sus! Alçaq! Azğın! Fahişə! Marqarita son sözü eşidər-eşitməz hönkürtü ilə ağladı və buna qarşı nə cavab verəcəyini düşünərkən bir də Xəlil onu itələyib dışarı saldı, qapını bağladı. Marqaritanın səsinə qonşu Anaxanım gəldi. Onu qucaqladı, gözlərinin yaşını silə-silə apardı. Marqarita Anaxanımın otağında hönkürtü ilə ağlamasına davam etdi: – Bax, nə böyük töhmət! Həyatımda təsəvvür etmədiyim bir həqarətə müncər oluram. Anaxanım: – Ağlama, qızım, – dedi, – sən onu tanımırsan, biz yaxşı tanıyırıq. O səni qaçırmaq istəyir. – Nə üçün? Mən ona nə fənalıq etmişəm? Onu rahat etmək üçün bütün gün xidmətçi kimi işləyirəm. Razılıq etmək əvəzinə məni təhqir edir. – Qızım, məni dinlə, o səni qaçmağa məcbur edir. – Nə üçün? – Onun xasiyyəti belədir. Dörd-beş ildir onun qonşuluğunda oluram, ildə neçə qız tovlar, xoş dillə gətirər, sonra incidər, qaçırar, yenisini gətirər. Arvad dəllallığı ona peşə olmuşdur. – Deməli, mən də aldandım, – deyə Marqarita ağlamağa dava etdi. – Mən getməyə razıyam, ancaq yerim yoxdur. Bacımın bir otağı var, ailəsi böyükdür, sığışmır. Oraya gedə bilmərəm. Başqa yerim də yoxdur. – Yazıq, bəs sən buna necə rast gəldin? – Nə bilim, nə bilim, əmək bursasına iş aramağa getmişdim. Orada rast gəldik. Qızıma bir mürəbbi arayıram deyə məni aldatdı. Sonra bacımla buraya gəldik. Özünü elə bir şəkildə təqdim etdi ki, gözümüz qapandı... – Bala, onun xasiyyətidir. Səndən əvvəlki də elə aldanmışdı. Bir qızları da dünyaya gəldi. Çocuqla anası gündə bir, otaqdan dışarı atılardı. Çox vaxt oyuq koridorda yatardılar. Axırda uşaq xəstələndi, öldü. Qadın da bunun zülmünə tab gətirə bilməyib çıxdı, getdi. Marqarita qarının sözlərini dinlərkən qulaqlarına inana bilmirdi. Gənclik təcrübəsizliyi ilə bağlandığı bir adamın bu qədər fəna olacağını heç də təsəvvür edə bilməzdi. İndi Xəlilin ona qarşı olan rəftarının səbəblərini yavaş-yavaş anlamağa başladı. Peşman bir halda göz yaşları axıtmaqda davam etdi. * * * Bir gün Xəlilin naharını verib, qabları yuduqdan sonra Marqarita ərinə tərəf yönəldi: – Müsaidə et, axşama qədər bacımgilə gedim, – dedi. Xəlil hiddətlə: – Get, amma geri dönmə! Görürsən, bir yerdə yaşaya bilmirik! Marqarita məyus bir halda çıxıb getdi. Xəlil papirosu damağına alıb, masaya oturdu. Katyuşanın tərcümeyihalını qurtarmadığı üçün onu tamamlamaq istədi. Dəftəri çıxardı, açdı. Son sətirləri oxudu: “Qızın ölməsi canımı qurtardı – artıq Katyuşa kökündən oynamış ağaca bənzəyirdi; kiçik bir hiddətimdən yarpaq kimi əsirdi...” Burada yazı dayandırılmışdı. Xəlil yazmağa başlamadan əvvəl dəftərin ağ qalan səhifələrini yoxladı; cəmi üç səhifə qalmışdı. Xəlil bir az düşündü... “İki səhifə Katyuşaya bəsdir”, – dedi. – “Son səhifəni də... Marqaritaya həsr edərəm...”. Bu düşüncədən sonra Xəlilə bir nəşə gəldi. Qələmi yerə qoydu, bir papiros da yandırdı. Xəyalı qanadlanaraq papiros tüstüsü ilə bərabər uçmağa başladı. Bir neçə il irəlini görmədə idi – bir sürü qız siması tüstüyə bürünmüş havanı seyr etmədə idi; bir-birindən gözəl, bir-birindən gənc idilər... Xəlilin qanı coşdu, həyatına qarşı olan məmnuniyyətinin həddi yox idi. Qalxdı. Əllərini cibinə qoyaraq, məst bir halda otağı dolandı. Sonra birdən ciddiləşdi. “Katyuşa məsələsini qurtarmalı” – deyə cəld masaya yanaşdı. Qələmi alıb yazdı. * * * Axşam Marqarita evə döndükdə otağın qapısını qıfıllı gördü. Bir az fikirləşdi. Anaxanımın yanına getməli oldu. Bir-iki addımlıq məsafədə olan qapıya yanaşaraq döydü. – Kimsən? – deyə içəridən səs gəldi. Sonra qapı açıldı, qarının qırışmış siması göründü: – Gəl, qadan alım! – dedi. Marqarita girdi və yarımişıq otağın bir guşəsində oturdu. Anaxanım Marqaritaya çay təklif etdi. Marqarita: – İçmirəm, sağ ol! – dedi. – Elə onsuz da sağam, qadan alım, birini iç, – deyə qarı çay töküb Marqaritaya verdi. – Kefin niyə yoxdur? – dedi. Marqarita həyəcanlı gözlərini aşağı dikdi. – Kefini pozma, bir çığıranda sən iki çığır. Elə insafsız adama başqa çarə yoxdur. – Orası düz, ancaq... – Nə ancaq? “Dinsizin öhdəsindən imansız gələr!” “Sənə biz batırana qıyıq soxmalısan”. Elə olmazsa, qədrini bilməz. Marqarita gülümsədi: – Orasını indi-indi bilməyə başlayıram. Görünür, həyat bunu tələb edir. – Bəs nə?! – Bu gün bir komsomolka arqadaşımla görüşdüm. Əvvəl dərdimi ona söyləməyə qürurum yol vermədi. Sonra ürəyim öz-özünə açıldı; başıma gələnləri bir-bir söylədim. Heyrət etdi. “Niyə qadın şöbəsinə xəbər vermirsən?” – dedi. Sonra məni çox məzəmmət etdi. Dedi: “Sənin yerinə olsam, onu bir dəqiqədə otaqdan dışarı ataram”. – Bəs nə?! Mənim evimdə qız uşağı, bundan həya eləmir; gündə buraya bir arvad gətirir. Dinirsən, dava salır. Onu görüm qanına bulaşsın! Marqarita qadının mətanətli sözlərindən xoşlandı. Zatən komsomolkanın sözləri onu olduqca təhrik etmişdi. Onda doğmuş azad qadın fikri və mətin bir mənəmlik haqqını tələb edirdi. Bu günkü Marqarita artıq dünənkinə bənzəmirdi. Çayını içərkən: – Bax, məni yazıq gördükcə, tapdalamaq istəyir. İndiyə qədər nəzakətdən bir şey çıxmadığını anladım. Artıq ona qarşı başqa rəftar lazım... – Bəs nə?! – Heyrət yeri budur ki, bir gün bacımgilə gəldi. Evdə heç kim yox idi. Ayağıma yıxıldı, dedi: “Qulun olacağam”... Mən nə bilim ki, ildə bir neçəsinin ayağına yıxılırmış... – Bəs nə, qadan alım! Onu görüm qanına bulaşsın! Marqarita qarı ilə bir neçə saat dərdləşdi. Əri gəlib çıxmadı, saat on ikiyə yaxın koridorda tappıltı eşidildi. Anaxanımın qapısından bir adam gəlib keçdi. Qarı: – Dur, qadan alım, – dedi, – sonra qapını bağlar, çöldə qalarsan. Marqarita paltosunu götürüb, cəld çıxdı. Otağına girdikdə Xəlil heyrət etdi: onun gəlməyəcəyini zənn edirmiş. Bir də hiddətləndi: – Sənə “gəlmə” dedim, sən niyə gəldin? – dedi. Marqarita mətanətli səslə: – Gəldim, maxüsus gəldim! Marqaritadan gözlənilməyən bu sözlər Xəlili odladı: – Fahişənin dilinə bax! – deyə çığırdı. Marqarita: – Fahişə sənin kimi gündə bir qadın dəyişənə deyərlər, – deyə paltosunu divardan asdı. Marqaritanın bu hərəkətindən Xəlil son dərəcə əsəbiləşdi. Rəngi qaçdı, gözləri çanağına sığmamağa başladı. Söz demək istədi, dili tutuldu. Acımış qurd kimi Marqaritaya hücum etdi. Birinci yumruğu Marqaritaya dəydikdə, Marqarita özündən çıxdı; ona tühaf bir qüvvə gəldi, Xəlili itələdi. Xəlilin ayağı büdrədi – dizi üstə çökdü. Bu haldan istifadə edərək, Marqarita dolabdan mətbəx bıçağını aldı. Xəlil yerindən qalxar-qalxmaz Marqarita dəhşətli bir qışqırıqla: – Bu saat buradan get, yoxsa bu bıçağı qarnına soxaram! – dedi. Xəlil Marqaritanın üzünə baxıb, dəhşətlər duyaraq otağı tərk etdi. Çiskinli hava idi. Bu havada o çox qadınlar yola salmışdı... Bu dəfə özü gedir və qovduğu qadınlar kimi, nərəyə gedəcəyini belə kəsdirə bilmirdi. 1928 * * * Tanqo Onlar ilk dəfə görüşərkən ruhən bir-birinə yanaşdılar. Doktor xaricdən yeni gəldiyi üçün hələ Parisin süsünü daşıyırdı: şıq geyinmişdi, rəftarı mülayim və nazik idi. Söhbət arasında ara-bir fransız sözləri qollanması Zibeydənin son dərəcə xoşuna gedirdi. Fransızca bilmək və Parisi görmək Zibeydə üçün ən yüksək məfkurələrdən biri idi. Doktor da bu məfkurəni təmsil etdiyi üçün onun qəlbinə hakim idi. İstəristəməz doktorun iradəsi Zibeydəyə hakim kəsilərək, onu istədiyi yola sövq edirdi. Axşam ziyarətlərində doktorun qapını tıqqıldatması Zibeydənin qəlbində yaxın və dost hisslər oyadırdı; özü qapıya yüyürür və açdıqda doktor onun dadlı həyəcanını duyurdu. Görüşürdülər. Otaqda yanyana otururdular. Bəzən doktor Zibeydənin nafiz nəzərlərini üzərində duyaraq, cəld dönür, gözü onun qara, mənidar, bir az da süzgün gözlərinə sataşır, ikisi də yaxın bir səadətin üfüqündə şölə kimi parlayırdı. Bir axşam doktor çiçəklər gətirmişdi. Zibeydə onları zövqlü bir təbəssümlə aldı, qoxuladı və bağrına basarkən ona tühaf bir həya gəldi: gözlərini yerə dikdi, incə bir titrəyiş dodaqlarına yayıldı... Ortalığı sükut qapladı və dəqiqələrcə davam etdi. Doktor danışmaq istədi, payız yeli yarpağı əsdirən kimi, rəşə səsini titrətdi. Həyəcanlı sözlər, soyuq su damlaları kimi, Zibeydənin üzərinə tökülüb, onu keyitdi. Zibeydə çiçəkləri vaza qoydu, yanında oturdu, yanağını ovucovuca yapışmış əllərinə söykəyib dedi: – Neçin çiçəklər əbədi deyil? – Çünki onlar gözəldir. Doktorun sözləri Zibeydəni düşündürdü, nazlı gözlərini süzdürdü. Ətrafa dalğın-dalğın baxdı: və nəzəri divardakı güzgüyə sataşdıqda, özünə diqqətlə tamaşa edərək dedi: – Deməli, mən də solacağam. – Yox, – deyə doktor qəti cavab verdi. Zibeydə heyrət içində: – Nədən? Doktor sakit bir səslə: – Çünki sizi qəlbimin dərinliklərində saxlayıram. Zibeydə belə bir cavab gözləmədiyi üçün diqqətlə doktora baxdı. Üzü ciddi idi, gözlərindən atəşli nur parlayırdı. Zibeydə başını aşağı saldı, gözəl bir məmnuniyyət duydu. Sonra gözlərini təkrar doktorun gözlərinə dikdi – oradan doğan cazibəli hisslərə qapılaraq oxşandı, nəşələndi, coşdu. * * * Bir gün bərabər kinoya getdilər. Arxa lojalarda bunlardan başqa kimsə yox idi. Oturdular. Bir-birinin qoluna sarılaraq pərdəyə tamaşa etmədə idilər. Şəkil Avropanın səfalı bir guşəsində şairanə bir eşq macərasını göstərirdi. Zibeydə belə rəsmləri çox sevər, tamaşaya dalar, çox zaman onu bir həqiqət deyə tələqqi edərdi. Bu dəfə də şəkil ruhunun dərinliklərinə qədər nüfuz etmədə idi. Nədənsə bir az da dərdli kimi görünürdü. Tamaşa bitdikdə doktor onun ruhi böhranının səbəbini sordu: – Görünür, şəkillər sizi həyəcana gətirir. – Elə. – Neçün? – Həyatımı bu rəsmlərlə müqayisə edirəm də, kədərlənirəm. – Həyatınız o qədər də fənadırmı? – Fəna deyil... gözəlliyi də yoxdur. Doktor entuziast olduğu üçün bu sözlər ona toxundu: – Həyat, – dedi, – öz-özlüyündə, mücərrəd olaraq, o qədər gözəldir ki, ondan doymaq və usanmaq olmaz. Yalnız insan vəzifəsini bilməli, ömrü süsləməli, onu şairanə bir çərçivəyə yerləşdirməlidir. Zibeydənin kədərli simasında təğyirlər göründü: – Siz həyatı çox sevirsiniz, deyilmi? – Həyat sevilməzmi? – Mənə belə gəlir ki, həyatda bir çox acılıqlar var... nədənsə, bəzən bütün dünya gözlərimə sərab kimi görünür... – Acılıqlar var, ancaq onların olması həyatın ləzzətini daha da artırır. Mübarizə etməli, fənalıqları yox edib, sonra müvəffəqiyyətin nəşəsi ilə yaşamalı. Zibeydə susdu. Doktorun sözləri ona o qədər mətanət verdi ki, həzlərə daldı. * * * Bir gün Zibeydənin anası gənclər üçün evində bir müsamirə tərtib etmişdi – xanım mənsub olduğu zadəgan ənənələrini çox sevərdi. Doktor bu müsamirədə bütün səmimiyyəti ilə iştirak etdi. Gündüzdən çiçəklər və şokolad göndərmişdi. Axşam da şıq geyinmiş bir halda gəldi. Qonaqlar həp tanıdıqları, Zibeydənin dostları və məktəb arqadaşları idi. Çay masasına oturarkən zəng vuruldu və tanışlardan birisi çərkəz geyimli yeni bir sima ilə içəri girdi. Uca boylu, geniş kürəkli, kəskin və xoş baxışlı bu çərkəz nəzakətlə baş endirdi. Ev sahibi xanımın əlini öpüb əyləşdi. Əvvəl məclis onu tutar kimi oldu; üzü bir az qızardı, titrək barmaqları ilə incə bığlarına təmas etdi, sonra ətrafındakılara isinişdi. Onun əzəmət və qüruru, gəncliyin bütün qüvvət və gözəlliyinə malik siması qızların nəzərlərini özünə cəlb etdi. Qızlar pıçıldaşıb qızardılar. Çərkəz təsadüfən Zibeydənin qarşısında oturmuşdu. Zibeydə ona tərəf baxmağa cəsarət etmirdi, sanki əsrarəngiz bir iradə onun varlığına hakim olmağa başlayırdı. Öz könlü ilə qəfəsə girmiş, zindanı asudəliyə tərcih edən bir quş kimi, qəfəsə doğru sövq olunurdu. Doktor həmişəki kimi bütün diqqət və nəzakətini Zibeydəyə həsr etmişdi: onu xoş söhbətlərlə məşğul edir, tatlılar təqdim edib, ara-bir eşq atəşi ilə parlayan gözləri ilə onun çöhrəsinə baxırdı. Eşqin, səadətin, fərəh və sürurun intihası yox idi. Birdən doktorun böyük bir həzz içində çırpınan ürəyinə anlaşılmaz duyğular doldu, indiyə qədər parlaq və şüadar görünən tale ulduzu qara qanadlı şübhələr arasında gizləndi, söndü, öldü. Nəşələr, fərəhlər, xoş çırpıntılar onu yavaş-yavaş tərk etdi. Zibeydəni sərzənişlə nəzərdən keçirdi. Zibeydə vəhy gözləyən bir zahid kimi, çərkəzin məbədinə bağlanıb qalmışdı; süzgün gözləri həp onunla yaşayırdı. Doktor qəlbində bir acı duydu, əvvəl hiddətləndi, sonra ona bir laqeydlik gəlib, sakit oldu. Durub salonun yarımişiq bir guşəsinə çəkildi. Bunun yoxluğu sanki çay məclisində duyulmadı; Zibeydə heç də hiss etmədi. Bir saata qədər davam edən çay ziyafəti doktora illər qədər uzun və sıxıntılı göründü. Davamlı bir intizardan sonra şən gənclik xoş gurultusu ilə salona dolmağa başladı. Ev xanımı piano çalmağa oturdu, hər kəs “tanqo” deyə bağırdı. Musiqi başlandı. Zibeydə fərəhlə doktora yanaşdı: – Parisdən gəldiyiniz üçün, şübhəsiz ki, gözəl rəqslər bilirsiniz, – dedi və totuq əllərini uzadıb,onu rəqsə dəvət etdi. Doktor bir az nəşə ilə: – Təəssüf ki, bilmirəm. – Ola bilməz ki, Parisdə illərcə yaşayasınız da, rəqs bilməyəsiniz. – Doğrudan bilmirəm. – Mənimlə bir dəfə oynayınız. – Ciddən bilmirəm. – Başqaları ilə oynamasanız da, mənimlə oynamalısınız, – deyə Zibeydə boynunu bükdü və yalvarar bir səslə: mənim xatirim üçün! – dedi. Doktor Zibeydənin bu halından daha da mütəəssir olaraq rəqs edə bilməməsi üzündən yandı, yaqıldı. Zibeydə məyus çöhrə ilə geri döndükdə çərkəzi qarşısında gördü: o, nəzakətlə təzim etdi. Zibeydə onun tanqo bildiyini təsəvvür etmirdi... Çərkəzin qüvvətli əli qızın incə belini ehmal qucdu, atəşli qan dalğalarında çırpınan iki gənc çöhrə bir-birinə nəfəsləri duydurar qədər yanaşdı, kökslər birləşdi, havadakı əllər bir-birinə sarıldı... Rəqs başlandı... Bu aləmlə arasında dərin bir uçurum açılan doktor nisbəti bir istirahətlə yumşaq qoltuğa yerləşib, tamaşa edirdi. Sənəmi qırılmış, müqəddəsatı kirlənmiş bir məbud kimi, onun üçün ümid, səadət və məfkurə sözləri mənasını itirmişdi. * * * İki gün idi ki, doktor Zibeydə ilə görüşməmişdi; görüşməyəcəyinə söz vermişdi. Lakin həsrət o qədər qüvvətli idi ki, verilən sözə qələbə çalmada idi; ayrılıq dərdi aman vermirdi. Vücuduna tühaf bir sızıltı hakim idi: yuxusu qaçmış, istirahəti pozulmuş – hər şeydən soyumuşdu. Bu ağır əzaba bir gün də davam edə bildi. Üçüncü gün səbir kasası daşmada idi – ələm onu boğurdu. Otağını gəzib dolandı, dəruni sızıltıdan rahatlıq tapa bilmədi. Oturdu. Heyrətlə bir nöqtəyə baxaraq bir də “Zibeydə!” – deyə səsləndi, hər tərəfdən əks-sədalar eşitdi: bu cazibəli sözdən həzlər duydu. Dərdləri müvəqqəti olaraq yayıldı. Təkrar dərdləndi, mənəvi yalnızlıq bütün şiddəti ilə onu bürüdü. Bu dəqiqələr Zibeydənin varlığı, mülayim səsi, xoş rəftarı ona abi-həyat qədər qiymətli göründü. Görmək, danışmaq, dərdləşmək ehtiyacı daha da şiddət kəsb etdi. Durdu, xəstə halla telefona yanaşdı. Çağırdı. Səsi titrədi, sızıltılı həyəcan havanı doldurdu. Telefondan səs gəldi. Şübhəsiz ki, Zibeydə idi. Bu tanış və dadlı səs əvvəl doktoru qanadlandırdı, sonra eyni səsin “Zibeydə evdə yoxdur” – deməsi, onu yasa batırdı. Təsviri qabil olmayan bir kədərlə geri çəkilib, yaralanmış aslan kimi inildədi. * * * Bu bir həftənin içində olan bütün vaqiələr doktora yuxu kimi göründü. Heç bir şey olmamış kimi şübhələri tamamilə yatdı. Bir axşam da hazırlanıb, Zibeydəni ziyarətə getdi. Qapını tıqqıldadarkən bir zaman sönmüş nəşə onda təkrar ehya olundu. Lakin qapını açan Zibeydəni, onun hərəkətini gördükdə nəşəsi təkrar öldü. Zibeydə həmişəki kimi şən və mülayim deyildi. Doktoru içəri buraxmaqda belə tərəddüd etdi – duruxdu, düşündü və ağızucu: – İstərsiniz, buyurunuz, – dedi. Doktor cəsarətsiz bir halda içəri girdi, şapkasını asqıya atıb, salona daxil oldu. Bir az sonra Zibeydə gəlib, doktordan uzaqda oturdu. Sükut davam edirdi və iki tərəfin də sükutu pozmağa mövzusu yox kimi görünürdü. Bir az keçmiş doktor sakit bir səslə dedi: – Necəsiniz?.. Boş vaxtınızı nə təhər keçirirsiniz? Zibeydə doktorun üzünə baxmağa cəsarət etmirdi, əlindəki kitaba baxa-baxa: – Sağ olun, – dedi, – vaxt gəlir, keçir. Doktor Zibeydənin kitabla məşğul olmasından istifadə edərək, onu diqqətlə nəzərdən keçirdi: simasında qeyri-məmnun halını bəyan edən cizgilər görünürdü, söz söylərkən qaşlarının qalxması hiddət nişanəsi idi. “Artıq hər şey bitmiş” – deyə doktor fikrindən keçirdi: “Eşq ruhi həyəcanın başqa bir ruhdakı inikasından ibarətdir... İnikas görmürəm”, – dedi və ruhi boşluğa daldı. Bu surətlə davam edən sükutu Zibeydənin durub otaqdan çıxması pozdu. Onda doktor boşluqdan ayrılıb, düşünməyə başladı. İdrakı sanki qüvvətləndi. Şüuri olaraq ətrafa göz gəzdirdi. Pianonun üzərində qoyulmuş bir səbət gözəl çiçək gördü. Bunu gördükdən sonra doktor üçün artıq şübhəli və qaranlıq nöqtələr qalmadı; hər şey aydın idi. Durub laübalı bir halda otaqda dolandı. İndi vəziyyətin nə qədər çətin olduğunu anladı. Yeganə çıxacaq yol bir bəhanə ilə buranı tərk edib,... bir daha dönməmək idi. Zibeydə eyni soyuq çöhrə ilə geri döndü. Oturub, kitaba daldı və bir az keçmədən qulluqçu göründü: – Zibeydə xanım, saat səkkizdə musiqi dərsinə getməlisiniz; yəqin unutmuşsunuz, – dedi. Doktor vəziyyəti daha aşkar anladı və xidmətçi gedər-getməz Zibeydəyə yanaşdı, əl verdi: – Salamat qalın, – dedi, – işim var, getməliyəm. Zibeydə məmnun olduğunu gizlədə bilmədi, gülümsündü və barmaqlarının ucunu doktorun əlinə tərk etdi. Doktor onun əlini sıxarkən Zibeydə diksinər kimi oldu. Doktor qapıdan çıxar-çıxmaz qaranlıq koridorda çərkəzə rast gəldi. * * * Bir həftə sonra doktor Zibeydənin nişanlanmasını eşitdi. “Tanqo” – deyərək fikrə daldı. 1928 * * * İmamın zühuru Onların tarixi qısadır: əvvəl üç idilər, şərik idilər; çar zamanı ticarətə başlamış, müsavat zamanı zəngin olmuş, şura vaxtı iflas etmişdilər. Onların biri yarımünəvvər idi; qəzet oxuyur, rusca danışır, Puşkinin dueldə öldüyünü bilirdi. İkincisi mollaxanada oxumuş, Həzrət İbrahimin oda atıldığını eşitmişdi. Üçüncü heç oxumamışdı. Adını güclə yazar, lakin barmaq hesabı ilə bütün varidat və müsafiratını təhqiq edər və müvazinəsinə çalışardı. Başqa-başqa səciyyəyə malik bu adamların adları da səciyyələrinə müvafiq idi; Birinci Zülqüfar Qasanoviç Qasanov, ikinci Qulu Allahverdiyev, üçüncü Məşədi Əli Kərbəlayı Məhəmməd oğlu idi. Ticari fayda və sərvət eşqi bu üç adamı bir araya gətirərək qüvvətli bir şirkət şəklinə salmışdı. Bu şirkətdə Zülfüqarın rolu başqa idi. Bu, ticarətlə əlaqədar müəssisəyə girər, lazımi vəsiqələr əldə edərdi. Qulu vəsiqələr vasitəsilə mal alar, satar. Məşədi Əli ona yardım edərdi. Müsavat zamanı Zülfüqar ticarət nəzarəti məmuru sifətilə Batuma mal yürütməyə icazə alır, yoldaşlarına verirdi. Bu vasitə ilə böyük sərvət qazanmışdılar. Şura zamanı Zülfüqar və Qulu kooperativə girmişlər. Bir zaman sonra kooperativ mallarının xüsusi adamlar vasitəsi ilə qəzaya göndərilməsi duyulmuş, Məşədi Əlinin evində axtarış yapıldıqda böyük miqdarda kooperativ malı tapılmış. Məşədi Əli həbs edilir. İstintaqdan sonra Zülfüqar və Qulu da tutulur. Evləri aranır. Bir çox altun, daş-qaş, xalı və başqa qiymətli şeylər alınıb götürülür. * * * Həbsxanadan çıxdıqdan sonra onlar bütün gün parapetdə oturardılar. Zatən işləri yox, ticarət eləməyə imkan tapa bilmirdilər. Zülfüqar qəzet oxuyur, yoldaşlarına nağıl eləyirdi. Dinləyirdilər, axırda şərhə başlayırdılar. Qulu deyirdi: – Zülfüqar, bu xəbər yalana oxşayır, İngiltərədə işsizlik nə gəzir ki?.. – Qulu, mən də elə zənn eləyirəm, – deyə Zülfüqar başını tərpədir. Məşədi Əli təsbeh çevirə-çevirə onların dediyini təsdiq edirdi. Bir gün bunlar Qarabağdan sürülmüş bir bəylə tanış oldular. Bu bəy də parapet üzvlərindən olaraq bütün günü orada keçirir və arabir Zülfüqarın qəzetindən istifadə edirdi. Papanın Şura İttifaqına qarşı çıxışı bunlarda bir ümid doğurdu. Zülfüqar bu xəbəri oxuyar-oxumaz bəy dirçəldi. Şal çuxasının cırıq qolunu çırmalayaraq dedi: – Həzrət Abbasın bir cüt düşən qolları haqqı, bu yaz iş tamam olub gedəcək. Zülfüqar kənarı yağlı şlyapasını çıxartdı, qeyzlə başını qaşıdı, dedi: – Ona da ingilis deyərlər! Qulu özünü düzəltdi: – Təqvimdə var, – dedi, – il at üstdə təhvil olub. At muraddır. Arzumuza çatacağıq. Məşədi Əli baş barmağı ilə təsbehin danələrini çevirə-çevirə mollasına dayandı və sevinclə: – İstixarə elədim, yaxşı gəldi. Olacaq. * * * Bir gün bəy yox oldu. On gün sonra dəniz kənarında Zülfüqarla görüşdü. – A bəy, görünmürsünüz? – deyə Zülfüqar soruşdu: Bəy istehzalı təbəssümlə: – Allahdan buyruq, ağzıma quyruq olarmı? – dedi. Zülfüqar bəyin kinayəsini anlamadı. – Oturun görüm, – dedi, – sizdə xəbər var. Oturdular. Bəy başladı. – Sənin halın xarab, mənimki xarab. Cibdə də bir qəpik yox. Mal getmiş, mülk getmiş, gündəlik çörəyə möhtacıq. Haqqımızı müdafiə eləməliyik. Zülfüqar tərəddüd içində: – Əlimizdən nə gəlir ki?.. – Çox iş gəlir. – Məsələn? – Yaz əkini gedir, bilirsənmi? – Bilirəm. – Müvəffəqiyyət qazansa, bilirmisən nə olacaq? – Bilirəm, qüvvətlənəcək... – Qüvvətlənəcək deyil, onda dünyada heç kəs buna bata bilməyəcək. Dünyanı titrədəcək. Bizim də anamızı ağladacaq. – Sonra? – Sonrası yoxdur. Yaz əkininə mane olmalı. – Nə təhər? – Təhərini düşünməli. Sən yalnız mən deyənləri elə. – Əlimdən gələrmi? – Gələr, asandır. – Yaxşı. – İş belədir. Mən gedirəm Gəncəyə, sən də yoldaşlarını götür, sabah gəl ora. Amma onlara bir şey söyləmə. Deyərsən ticarət işi var... Sonra bunu bil ki, Gəncəyə gəlməkdən sənə heç bir xətər yetişməyəcək. Bəy Zülfüqara yüz manat yol kirayəsi verdi, ayrıldı. * * * Üç gün sonra Gəncədə görüşdülər. Bəy Zülfüqarı şəhərin kənarında bir evə gətirdi. Oturdular. Söhbət başlandı. – Zülfüqar, bu işdən məqsəd iki şeydir. Əvvəla pul qazanacağıq. İkinci, düşmənimizdən intiqam alacağıq. – İş nədən ibarətdir? – Qulaq as deyim... Möcüzə göstərəcəyik. Zülfüqar güldü. Bəy ciddi sifətlə: – Gülmə, ciddi işdir. Mübarizədə bütün vasitələrdən istifadə etməli. Möcüzə də bir vasitədir. Zülfüqar yenə gülümsündü. Bəy sözlərində davam edirdi: – Məsələ təşkilatdadır. Gözəl təşkil edərsən, nəticə verər. Zatən burada böyük bir təşkilat da lazım deyil. Avam kəndlinin içində möcüzə xəbəri yayılsa, əkini buraxaraq qopub gələcək. – Yaxşı, nə cür başlamalıyıq? – Bizlərdən orada olmayan, bizi tanımayan uzaq bir kənd seçməliyik. Möcüzə üçün Bitli kəndi ən əlverişlidir. Mən buralara bələdəm. Bilirəm... Bu əsnada qapı tıqqıldadı. Bəy çıxdı və bir az sonra əlində bir boğça içəri girdi. – Bunu görürsənmi? – dedi. – Bu paltarı sən geyərsən. Başına yaşıl əmmamə sarıyarsan. – Sonra? – Sonrasını deyərəm. – Bəs yoldaşlarım nə qayıracaq? – Onları Qarabağda və Qazaxda tanımırlar. Möcüzə olan kimi onlar kəndlərə düşüb “gözlərimiz kor idi, imam şəfa verdi” deyə xəbərlər yayacaqlar. Vəssalam. – Elə bu? – Bu böyük işdir. Siz kənd xalqını tanımırsınız. Gör onların arasında möcüzə nə işlər görəcək? * * * Şayiə ildırım qüvvəsi ilə bütün Azərbaycana yayıldı. Min bir rəng aldı: – İmam zühur edib! – Qəbirdən nur çıxırmış, açmışlar, diri meyit çıxıb! – Kor gedir, gözü açılır! – Şil gedir, şəfa tapır!.. Qarabağda biri qollarını ölçərək: – Əli Əkbərin ala gözləri haqqı, qurban olduğumuzu öz gözümlə gördüm, – deyirdi. Şəkidə bir ayrısı: – Əşhədübillah, hindicə gəlitdi, gözü açılıtdı, – deyə and içirdi... Şayiə get-gedə artdı. Bir bəyin və üç tacirin təşəbbüsü yüzlərcə qolçomağa yol açdı. İtirdikləri mövqeyi qazanmaq üçün qolçomaqlar var qüvvələri ilə möcüzə xəbərlərini yaymağa çalışırdılar. Avam xalq yerindən qopdu... Lakin Bitlidə imamdan bir əsər yox idi. 1930 * * * Qayınanın oyunları “Gəlin, gedək qayınananın bağına, Qurban olaq bostanına, tağına, Yara çıxsın qayınananın dodağına!” “Ay qayınana, yediyin kərə ilə bal olsun, Başına örtdüyün əbrə ilə şal olsun, Oğlunu öyrətsən dilin lal olsun!” “Qayınana, bozbaş bişir, Noxud sal ondan bişir; Qoyun əti olmasa, Gəlinin ətindən bişir!” “Doğdun oğul, qayınana, Yedin noğul, qayınana; Oğlunu əlindən allam, Çatla, boğul, qayınana!” (E l s ö z l ə r i) Mənim sizə nağıl edəcəyim qayınana olduqca məşhurdur – bunu tanımayan yoxdur; xeyirə-şərə yarar, bazarda növbələrdə dolaşar, tramvaya minmək lazım gəlsə, pilləkəni yarım saat avara qoyar və özünü içəri soxduqdan sonra da bir saat döyüşər. Adı Hurizad olsa da, Huriyə çox bənzəməz – iri, dolğun burnu, sulu gözləri, sallaq tənəli dodaqları var. Xalis xına tapmadığı üçün başını “türkəsayaq” davalarla boyar, tükləri məzəli bir rəng alar – gah qarğıdalı saçağına, gah da kal qarpıza bənzər. Hurizad xalanın tərcümeyi-halı da saçları kimi rəngarəngdir. On altı yaşında onu zəngin bir hacıya ərə vermişdilər. Doqquz ildən sonra əri ölmüş, dul qalmışdı. On bir il üç yetimə baxmışdır, axırda beli xəncərli, yanı tulalı bir bəyə “qismət” olaraq, il yarım aşiqanə bir həyat keçirmişdi. Bəy hacının pul və mülklərinə “turp əkəndən” sonra yox olmuşdu. Hurizad xala indiyə qədər duldur, kişilərdən darğındırsa da, yenə evlənmək niyyəti ilə uzadılan ələ yox deməz. Lakin... “qisməti” gəlib çıxmır. Oğlu və qızları da nisgilli analarının qeydinə qalmır. Biçarə arvad da dərdi içəri salır, yanır, odlanır, dünyanı bir-birinə qısqanır, oğlunun evlənməsinə belə razı ola bilmirdi. Ev işlərini qurtardıqdan sonra otağın yuxarı başındakı məxmər döşəyin üstə əyləşər, oğlu Mərdanla söhbətə başlardı. Zəmanə işlərini tənqid edər, böyüklərin sayılmamasını, indiki qızların “həyasızlığını” qeyd edərək, nifrətlər yağdırardı. Bir il əvvəl Mərdanın tutduğu hərəkət Hurizad xalanın həyatını alt-üst etdi. Mayın birində Mərdan qulluq etdiyi “Azərneft” əməkdaşları ilə bərabər nümayişə getmişdi. Evə dönərkən anası onda başqa halət gördü; həmişə sərt görünən Mərdan indi oynaq bir hal alaraq, nəşə saçırdı, öz-özünə mahnı söyləyir, gülümsəyir, bir yerdə otura bilməyib, otağı dolaşır, ara-bir güzgünün önündə durub, özünə tamaşa edirdi. Hurizad xala arif idi–məsələni duydu, əvvəl xoşlandı, sonra isə ona bir qısqanclıq gəldi; taxtından əmin olmayan padşah kimi hiddətləndi və dəruni iztirabını zorla susduraraq: – Hə, olmaya bir şey var? – deyə oğlundan sordu. Mərdan qəti olaraq, laübalı bir halda: – Ana, evlənirəm! – dedi. Sanki Hurizad xalanın dişini naşı dəllək çəkdi: arvad diksindi, sanki bir əl gəlib ruhunu qarışdırdı... Evlənirmiş! – Bəs ana? Bir dənə oğul ola o da ananı saymaya, məsləhətləşməyə... Hurizadın da özünə görə mövqeyi var, tay-tuşu var, arzusu var... Oğlu, kim bilir, kimə rast gəldi! Hansı həyasız onu yoldan çıxartdı?.. – Necə yəni evlənirsən? – deyə fikirdən ayıldı. – Evlənirəm, vəssalam! – Ədə, dəlimi olmusan? Sən bir kişinin oğlusan, səni böyüdüb bir mərtəbəyə mindirən var. Sən kimsəsiz deyilsən ki, özbaşına evlənəsən bir el qaydası var, adət var!.. – Çox da olsun! – deyə Mərdan qəhqəhə ilə güldü. Hurizad xala bir az da pərt oldu, cavabdan aciz qalaraq güzəştə getməyə başladı: – Vallah, məni ələ salırsan! – dedi. – Ələ salmıram! – Otur, bir nağıl elə görüm kimdir, nə karədir; əsli-nəsli haradandır? – Əsli-nəslini bilmirəm; Nəriman texnikumunda oxuyur; kimya şöbəsindədir. Sonra neft institutuna girəcək... Mən mühəndis, o mühəndis!.. Hurizad xala bir az fikrə getdi, gələcəyi gözdən keçirdi, gəlinlə dolanıb dolanmayacağını düşündü, oğlunun hərəkətindən xoşlanmadısa da, halını ona bəyan etmədi: Yaxşı, elə oxumuş qızdan ev arvadı olarmı? – deyə ciddi sima ilə sordu. Mən bu gün varam, sabah yox. Bişmişi-düşmüşü kim eləyəcək, uşağa kim baxacaq?.. O gedib başqa kişilərə qoşulduqda onu sənin namusun necə qəbul edəcək? – Hurizad xala yenə susdu, bir neçə dəqiqədən sonra: – Bəs harada görüşdünüz? Aranızı kim düzəltdi? – deyə əlavə etdi. – Özümüz! – “Şirvanın ağ qızları, Çopur-çopur üzləri; Nə molla var, nə keşiş, Kəbini kəsər özləri”... Ay Mərdan, sizinki buna dönüb. Ana nəyə lazımdır ki, yad qızı yaxşıdır. Hurizad xala köksünü ötürüb, gözlərini pəncərəyə dikərək, dərin fikirlərə daldı. * * * O gündən etibarən Mərdan qulluqdan gəlir, nahardan sonra yuyunub, geyinib gedir və saat on ikidə, birdə qayıdırdı. Hurizad xala bir söz belə söyləmir, hirsindən dodaqlarını gəmirirdi. Bir gün Mərdan anasına qızı nişan verib: – Ana, – dedi, – indi rəsmən elçi gedə bilərsən. Səni gözləyirlər. Hurizad xala məmnun deyil idisə də, əlacı da yox idi. Zəmanə uşaqlarından beli bağlı deyil idi – getməsəydi oğlu onsuz evlənə bilməzdimi? Onda halı daha da fəna olardı. Geyindi, getdi. “Hə” verildi. Zahirən gəlin nəzakətli görünürdü. Hurizad xala da son dərəcə mehriban davrandı: – Mənim bir ayağım qəbirdədir. İndi artıq arxayın gedə bilərəm, – dedi və gözlərindən bir neçə damla yaş belə tökdü. * * * Toy olub gəlin gəlmişdi. İlk gündən qayınana ilə gəlin arasında bir uçurum əmələ gəldi. Get-gedə arada narazılıq qüvvətlənirdi. Qayınana oğlunu yalqız bulduqda daima eyni məsələ ətrafında bəhs açırdı: – Oğlum, – deyirdi, – bir qayda var; evdəki ağbirçəyi sayarlar. Çarpayının üstünə uzanır, kitab oxuyur; içəri girirəm, yerindən belə qımıldanmır. O günü mənə soyuq dəymişdi, dedim, gəl quluncumu sındır, ayaqlarımı yu – ağzını əyib, yataq otağına girdi... Belə olarmı?.. İzinsiz çıxır, gedir, yerini də demir... Mərdan anasının uzun-uzadı şikayətlərini dinləyib, hərdən bir etiraz edir və eyni zamanda təsirinə də düşürdü. Lakin qayınanaya əlverişli bir nəticə çıxmırdı; gəlinilə rəftarı daha da fənalaşırdı. Bir dəfə Mərdan evə dönərkən qapıların bir-birinə vurulmasının şahidi oldu; yerində dimdik kəsilib, heyrətlə tamaşa edərkən anası qışqırtı ilə evdən sıçrayıb, qaçmağa başladı; qarğıdalı saçağını andıran tükləri bir-birinə qarışmışdı. Oğlunu görcək dayandı, gözlərindən yaş tökdü. – Nə olmuş, ay ana? – deyə Mərdan həyacanla soruşdu. Qayınana: – Qadan alım; dəli olmuş məni boğurdu, güclə əlindən qurtarıb qaçdım. Hiddətindən Mərdanın rəngi qaçdı, özünü otağa saldı... Buradakı mənzərə heyrətini daha da artırdı: gəlin yataq otağında uzanıb, kitaba dalmışdı. Qəlbi bir istirahətə malik olduğu ərinə qarşı dodaqlarında oynatdığı təbəssümdən bəlli idi. Gəlinin bu vəziyyəti ərinin hiddətini azaltdı. Mərdan həyəcanı güclə, duyulan bir səslə: – Bu arvadı kim döydü? – dedi. – Arvadı döymüşlərmi? – Bəs çığırtını eşitmədin? – Bir çığırtı eşitdim, məna vermədim – qonşuların qovğası zənn etdim. Mərdan bir söz deməyə artıq cəsarət etmədi – gəlinin halət və hərəkəti qayınananın iftirasını təkzib edirdi. * * * Onların bir oğlan uşağı olmuşdu. Uşağın dünyaya gəlməsi evə bir şənlik gətirmişdi. Gənc ata və ana evdə olduqda çocuğu qarşılarına qoyub dindirir, əllərini və başını oxşayaraq, min bir həzz duyurdular. Qayınana bu səadətə qarşı qısqanc və zidd bir vəziyyət almışdı. Gəlin ilə artıq danışmır, içindəki intiqam hissi aşıb-daşır–meydan arayırdı. Ancaq qayınana büruzə vermirdi. Hey düşünüb, fürsət gözləyirdi. Uzun düşüncələr nəticəsində plan hazır oldu: qayınana xəstələndi, özünü “tülkü ölümünə” vurdu. Mərdan evə gələndə vaysılandı, ağladı, onu dərdinin ağır olduğuna inandırmağa çalışdı. Oğlu mütəəssir bir halda: – Ay ana, nəyindir? – deyə sordu. – Ölürəm. – Nə olmuşdur ki? –?! Qayınana susur, köksünü mənalı-mənalı ötürür, gözləri yaşarırdı. Bir neçə gün davam edən bu “xəstəlik” Mərdanı dilgir və məyus etdi. Anasında bir sirr olduğuna qane olaraq, bu sirri öyrənməyə çalışdı. Çox rica etdi, yalvardı – anası bir şey sezdirmədi. Axırda: – Ana, – dedi, – gözünün ağı-qarası bir oğlun var, ona da sirrini deməyib, kimə deyəcəksən. Söylə görüm, nə olmuş? Yoxsa dərdin məni öldürür. – İraq canına, qadan alım, yüz namussuz gəlinlə haramzada uşaq sənə qurban!.. Mərdana artıq söz lazım deyildi – anasının fikrini anladı və inandı. Namusun yayılmış buludları yenidən ruh üfüqlərinə toplandı; dəruni şimşəklərin inikası Mərdanın zəhmli gözlərində parlayıb dəhşət saçdı. * * * Bütün günü divanətək dolaşan Mərdan gecə yarısı evə dönə bildi. Ayağının ucunda yataq otağına girdi – yoldaşı və çocuğu yatmışdılar. İkisini də nifrətlə süzdü. Ağlına ən vəhşi fikirlər gəldi – başı intiqam buludlarında dalğalanırdı. Çocuğun beşiyinə yanaşdı – körpə bir əlini bələkdən çıxarıb, xoş bir əda ilə yanağına söykəmişdi. Mərdan anasının “haramzada” sözünü xatırladı – yarımişıq otaqda çocuğun üzünü tədqiq etməyə başladı: özünə bənzər cəhətlər aradı, tapa bilmədi. Artıq arvadının vəfasızlığına qəti olaraq inandı. Bir də körpə yuxuda gülümsədi, Mərdanın qəlbində təbəssümlə doğan rəhm duyğusu çocuğun təbəssümü ilə də qaib oldu. Namus hissi yenidən vücuduna hakim kəsildi. Cinayət fikri alnını qırışdırıb, dodaqlarını əydi. Arvadını və çocuğu boğmaq istədi... Beşiyə yanaşdı. Əsəbi əllərini çocuğa doğru uzadarkən çocuq yenə gülümsədi. Körpənin məsum yatışı, əlciyəzinin qoyuşu, bütün ədası ildırım qüvvəsinə dönərək Mərdanı vurdu. O geriyə doğru sıçradı. İntiqam hisslərində çırpınan beyni ayılan kimi oldu. Təkrar çocuğu süzdü – körpənin dodaqlarından təbəssüm izləri hələ də silinməmişdi. Çocuğun bu halı gənc ata ruhunun ən dərinliklərinə əks etdi. Qəlbi rahatsız-rahatsız döyündü, atalıq eşqi ilə coşmağa başladı. Qəlbinin anlaşılmaz bir guşəsində doğan əzab atəşi alovlanaraq, onu qaplayıb bütün mətanətini sarsıtdı... “Məsələni aydınlaşdırmaq lazımdır!” – deyərək yataq otağını tərk etdi. * * * Mərdan ayıq bir mühakimə ilə işi incədən-incəyə təhlil etdi. Arvadını və anasını ətraflı danışdırdı. Ortalıqda adi qayınana oyunundan başqa bir şey olmadığı meydana çıxdı. Üç gün sonra qayınanaya ayrıca bir otaq təxsis olundu; ümumi yoldan belə məhrum edildi. Ənənəyə istinadən malik olduğu hüquq tamamilə ləğv olunaraq, heç bir işə qarışmayacağı qərarlaşdırıldı. Gənc ailə asudə nəfəs alaraq, xoşbəxt yaşayışına yenidən davam etməyə başladı. 1932 * * * Yaş söhbətləri Müəllim Mirzə Həsənlə Mirzə Bağır həmişə görüşəndə yaşdan danışmamağa çalışırlar. Lakin danışığı haradan başlasalar, axırda yenə yaş söhbətilə qurtarır. Keçən il Balaqədeşin oğlunun toyunda yaş barəsində uzun-uzadı danışmışdılar, hansının böyük və hərəsinin neçə yaşı olduğu meydana çıxmamışdı. Keçən ildən bəri Mirzə Həsənlə Mirzə Bağır görüşməmişdi. O günü təsadüfən bir təziyə yerində görüşdülər. İkisi də məsələsini bilirdi – bir-birini görcək hər ikisi yaşdan danışmamağı qət etdi. Lakin bir-birilə küsülü deyil idilər ki... Buna görə görüşən kimi: – Xoş gördük, Mirzə Həsən! – Xoş gördük, Mirzə Bağır! Necəsən? – Niyə, dövlətindən. – İş ki, mənim dövlətimə qaldı, onda işin xarabdır. Xa-xa-xa!.. – Nə üçün? Allaha şükür, oğlunun biri mühəndis, biri də yaxında qurtarır, qızının biri doktor, o birilər də oxuyurlar. Özün də pensiya alırsan. – Eh, övladın ataya xeyri nədir? – Sızıldama! Sızıldamaq elə sənin köhnə peşəndir. – Nə vaxt sızıldadım ki?.. – Qırx il bundan əvvəl sən ilk dəfə müəllimlik edəndə də elə peşən sızıldamaq idi. – Bağışlayasan, qırx il deyil, müəllimliyə başladığım iyirmi səkkiz, ya iyirmi doqquz il olar, artıq olmaz! – Xa-xa-xa!.. Neçə yaşın var ki? – Əlli bir, ya əlli iki. – Ay kişi, elə mənimki əlli dördü keçir. Vəba ilində, Allah ölənlərinə rəhmət eləsin, rəhmətlik atam məni yenicə evləndirmişdi. – Allah atana behişt versin! Ancaq evlənməyinlə işim yoxdur. Onu bilirəm ki, behiştlik atan güclə yadımdadır. Qırmızı qurşağı vardı, özünün də əlində uzun təsbehi olardı. – Ey!.. Mirzə Həsən, sən yenə illəri qarışdırdın. Ay kişi, rəhmətlik atam vəbadan çox sonra ölüb, sən deyirsən güclə yadımdadır. Vəba ilindən cəmi qırx il keçmirmi? – Baba-gözüm, nə bilim, tarix yazan deyiləm ki!.. Sözün var, söz danış. Bu yaş söhbətini haradan eşələdin çıxartdın? – Hə, görürsən, yalanının üstü açılanda qaçırsan... İndi səndən bir şey soruşacağam. Amma dürüst cavab ver: Qarğadələn Mələyin oğlunun sünnət toyunda Nazı Ağakişinin Zurnaburun Abbasqulunu öldürməyi yadındadırmı? – Allah ölənlərinə rəhmət eləsin, bu xəbəri mən rəhmətlik qayınatamdan eşitmişəm. Rəhmətlik qayınatam, Allah ölənlərinizə behişt versin, Qarğadələn Mələyin oğlunun kirvəsi imiş. Dəlləyə də bir kəllə firəng qəndi bağışlayıbmış. Kişi gərək sözün düzünü danışsın, bu əhvalatı mən, Allah ölənlərinizə behişt versin, rəhmətlik qayınatamdan eşitmişəm. Mən yalan danışmaram. – Xa-xa-xa!.. Rəhmətliyin oğlu, yalanı elə deyirsən ki, heç gözlərini də qırpmırsan. – Deyirəm axır, sən nə çox gözünü qırpırsan. Xa-xa-xa!.. İndiyə qədər Mirzə Həsənlə Mirzə Bağırın mübahisəsinə sakitcə qulaq asan Hacı Vəli söhbətə qarışdı: – Mirzə, – dedi, – sizin ikiniz də məndən böyüksünüz, yanınızda cürət edib danışıram. Hacının bu ifadəsindən mirzələrin ikisi də pərt olaraq, onun sözünü kəsdi: – A kişi, haradan böyük olduq! Sən də özünü çağa elədin ki!.. Hacı sakit səslə: – Mültəfit buyurun!.. Mirzə Həsən dilgir bir halda: – Mültəfit-zad tanımıram! – dedi. – Mən gözümü açıb, elə səni Təbrizdən qaçaq mal gətirən görmüşəm. Bir dəfə də firəng çiti adına, Allah ölənlərinizə behişt versin, rəhmətlik atama rus qədəyi satmışdın, rəhmətlik atam anama bayram xələti almışdı. Anam bəyənmədi, mənə arxalıq tikdi... Bir gün, Allah ölənlərinizə behişt versin, rəhmətlik dayım tərəkəmə köçündən bir keçi oğurlayıb, bizə gətirmişdi. Keçiyə tut ağacından yarpaq yığanda arxalığımın ətəyi ağaca ilişib cırıldı. Allah ölənlərinizə behişt versin, rəhmətlik atam o gecəsi arxalığın üstündə – nə yemisən, turşulu aş – mitilimə o ki, var,vurdu... Hacı Vəli sakit: – Atan mitilinə vurdu, ya vurmadı, o mənim işim deyil. Ancaq kişi gərək doğru danışsın. Mən qaçaqçılıq edəndə cahıl oğlandım. hələ evlənməmişdim. Rəhmətlik atan Yaftıməlinin qızının üstünə rəhmətlik ananı almışdı... Mirzə Həsən dəbdəbəli bir halda onun sözünü kəsdi: – Hacı, deməli mən hələ dünyaya gəlməmişdim... Hacı, bu mənə kifayət edər – deməli, mən sənin oğlun yerindəyəm, vəssalam... Mirzə Bağır gördün? Mirzə Bağır cəld: – Nəyi gördüm? Heç nə görmədim! – dedi. Hacı Vəli: – Bağışla, Mirzə, səhv elədim! – Bağışlamalı təhərim yoxdur. “Dil dönər, düzünü söylər”... Mirzə Bağır, gördün? Gördün ki, mən səndən kiçiyəm?!. Mirzə Bağır: – Nəyi gördüm? Mən Hacı Vəli ilə yaşıdam ki, səndən böyük olam? Hacı Vəli Təbrizə yol döyəndə mən burnu zılıqlı uşaq idim. Mirzə Həsən şad bir halda: – Onda nə mən vardım, nə zılığım. Deməli, mən sizin ikinizdən də kiçiyəm. Mirzə Bağır: – Ay kişi, sən allah, qoy! Hacı Vəli gülümsədi: – Qoyun görək, məni lap qoca elədiniz. Gündüz çıraq ilə zəncəfilpərvərdə axtarırsınız, amma mən qırğı kimi ov gəzirəm! Mirzələrin ikisi də bir yerdə: – Bunun məsələyə nə dəxli var? Sən burjuy olub, gözəl yaşamısan, qocalmamısan, biz əlli ildir kəndlərdə füqərayi-kasibə balaları oxutmuşuq. Hacı Vəli qəhqəhə ilə gülərək: – Xa-xa-xa!.. Əlli il əvvəl müəllimliyə başlayanda, heç olmasa, iyirmi yaşınız varmı idi?.. Bu halda təziyə məclisinə qapıdan yeni bir adam daxil oldu. Xalının üstündə cüz qiraətinə məşğul olan molla çatlaq gözlüyünün üzərindən onu süzərək: – Allahun-mən qərə-əl fatihə! – deyə məclisi sükuta sövq etdi. Mirzə Həsən yavaş səslə: – A kişilər, bu boş sözləri buraxın da, fatihəmizi verək, görək başımıza nə gəlir, – deyə həlli qeyri-qabil yaş söhbətlərinə xitam verdi. 1932 * * * Qibleyi-aləmin xalısı Şəhərin ən məşhur xalı karxanaçısını vali yanına dəvət edib şahın əmrini bildirdi: – Qibleyi-aləmin dərbarı üçün bir xalı toxutduracaqsan, – dedi. – Bu xalının gərək şərqdə, gərəksə qərbdə əmsalı olmamalıdır. Karxanaçı “qibleyi-aləm” sözünü eşidər-eşitməz titrəməyə başladı. Bir neçə dəfə udqunub, əlini gözünün üstünə qoydu: – Gözüm üstə! – deyə dodaqlarını qımıldatdı. Sonra bir az özünə gəlib, – böyüklüyü necə olacaq? – deyə sordu. Vali yerdən bir kağız götürüb ona baxa-baxa: – Boyu 28, eni isə 14 arşın olacaq: qibleyi-aləmin salonunun içi boyda. Karxanaçı neçə illik təcrübəsində belə bir xalı toxutdurmamışdı. Məsələnin nə qədər qorxunc və məsul olduğunu duyaraq təkrar titrədi və eyni zamanda əlini gözünün üstünə qoymağı unutmadı. O biri gün işə başladı: on günlük məsafədəki meşəyə bir dəstə adam göndərilib, ən yüksək ağaclar seçilib kəsildi, atlar qoşuldu, ağacları şəhərə gətirdilər. Şəhərin adlı ustaları səfərbərliyə alındı. Bir tərəfdə dəzgah hazırlanır, o biri tərəfdə yun daranır, iplik, əriş-arğac əyrilir, nabatı boyalarla ip boyanırdı... Hana quruldu. Ustabaşı kənarda durub, muğamatla təlimat verir, qabarlı əllər ilmə düyürdü. – Bir! Birini keç, bir də! Baş cəllad əlində. Üç il hər səhər tezdən yarıac işçilər gəlib, mahnı tərzində söylənən təlimatı dinləyərək, axşama qədər ərişləri nalələndirirdilər... Xalı toxunub, başa gəldi. Valiyə xəbər göndərildi. Vali bir dəstə hökumət məmurları ilə orada hazır oldu. Karxanaçının sevincinin həddi yox idi. Əlləri döşündə təzim edərək valinin ətrafına fırlanırdı... Ustabaşı qayçısını əlinə götürüb, dəzgahın üstünə çıxdı. Xalı yerə düşüb xarab olmasın deyə dəzgahın arxa tərəfinə bir sıra işçi düzdülər. Bunların vəzifəsi kəsilmiş xalını havada tutmaq idi. Ustabaşı kəsməyə başlarkən “bismillah” səsi havanı titrətdi. Ustabaşı kəsir, ancaq qorxusundan əlləri titrəyirdi – xalının əyri və kirs olmasından qorxurdu. Karxanaçı valiyə xoş gəlmək üçün arabir salavat çəkilməsini təklif edir, əlvan səslər uzun müddət emalatxananı doldururdu... Bir də bir gurultu eşidildi. Kəsilmiş xalı dəzgahdan qopub, işçilərin başına düşdü və hamısını qaplayıb yerə yıxdı. Xalının altından tutqun qışqırtılar eşidildi. Bir qışqırtı zarıltıya dönüb, inləməyə başladı. Lakin məmurlarla karxanaçının salavatı iniltiyə qələbə çaldı. Xalını dəzgahdan qurtarıb, kənara çəkdilər. Ustabaşı onu həyəcanla süzdü–bir yerində qüsuru yox idi, xas boyalar bir-birinə qarışaraq çıraq kimi yanırdı. Hər kəs əli döşündə iftixarla tamaşaya dalmışdı. Dərin sükutu inilti pozdu. Dəzgahın arxasından yerində ilan kimi qıvrılıb qalxan bir işçi nəzəri cəlb etdi. Sol qolunu yanına qısıb, göz yaşları axıdırdı. – Sus! Bu nə ədəbsizlikdir? – deyə karxanaçı ona yanaşdı. İşçi əhəmiyyət verməyərək etirazında davam etdi. Karxanaçı təkrar: – Qibleyi-aləmin mübarək xalısının üzərinə göz yaşı tökmə, atanı yandırarlar! – dedi. – Yandırsınlar! Bundan artıq daha nə yandıracaq – qolum sınıb, şikəst oldum. Külfətimi kim saxlayacaq? İşçinin rəftarı ustabaşını da oraya cəlb etdi. Onu zorla çəkib emalatxanadan çıxarmaq istədilər. Çığırıb söyüşlər yağdırdı. Bunlardan yaxasını kənara çəkib, xalının üzərinə sıçradı. Hər tərəfdən: – Qibleyi-aləmin xalısını napak eləmək olmaz! – deyə etirazlar və hədələr eşidildi. Bu dəfə məmurlar da ona hücum etmək istədi. İşçi cəld yüyürüb dəzgahın yanındakı bıçağı qapdı və məmurlar ona çatana qədər xalını ortasından cırdı. 1934 * * * Aprelin birində Bunlara hər gün səhər saat on birdə bulvarda rast gələ bilərsiniz: qışda yel tutmayan, yayda günəş görməyən bir skamyaları var. Əsəd bəy ortada, Mirzə Zülqədər sağ tərəfdə, Ocaq Naşid də sol tərəfdə oturar. Bu adət pozulmaz. Yalnız bu deyil: bunların bir çox sabit adət və qaydaları da var. Məsələn, kimsə kimsənin keçmişi ilə maraqlanmaz, gündəlik məişət məsələləri mövzusundan bəhs olmaz, siyasətdən uzaq qaçılar. Bu olduqca yaxın və səmimi dostlar bir-birinin evinə getməz və biri digərinin ailə vəziyyətindən xəbərsizdir. Halbuki dostların özlərinə məxsus tarixçələri var. Əsəd bəy vaxtilə vilayət dəftərxanası tərcümanı olmuş; biriki məqalə ilə “Şərqi-Rus” qəzetində iştirak etmiş və bir zaman pyes yazmaq moda təşkil edəndə Əsəd bəy “Cəhalət qucağında” adlı bir dram belə yazmışdı. Lisaniyyat marağı dövrü Əsəd bəy islahatçı olaraq meydana atılmış və fars-ərəb kəlmələri yerinə türk sözlərinin işlənməsini təklif etmişdi; məsələn: “xoruz” əvəzinə “qızıl pipik quş”; “musiqi” əvəzinə “zırzır”; “münəccim” əvəzinə “ulduza baxan” və qeyriləri. Mirzə Zülqədər gimnaziyada elmi-ilahi müəllimi olmuş bir adamdır. Ərəb və farscaya vaqifdir. Dindardır və bütün dünya fənlərinin qurandan iqtibas olunmasına qanedir. Elmin hansı bir sahəsindən bəhs açılsa, “onu bizdən götürüblər, bax, ayeyi-şərifə nə buyurur” – deyə bir ayə və ya hədis söylər. Mirzə Zülqədərin təsəvvürüncə quran xarüqədir: darvinizm, dəmiryol, dizel maşını, hətta qramofondan da orada məlumat verilmişdir. İntəhası, biz cəhalətdə qalmışıq da, istifadə etməmişik. Ocaq Naşid keçmişdə xalı taciri olub, “Məşədi Ocaqverdi və bəradəran” firması ilə məşhur idi. Nuru Paşa Bakıya gələndə bir mədhiyyə yazıb, “Hərbi medal” belə almışdı. Özünü böyük türkçü bildiyi üçün dünyanın ən böyük adamlarını da türk bilər. Şekspirin anası Ərdəbil çəngilərindən Qızyetər adlı birisi imiş ki, bir ingilis missionerinə qoşulub, Londona qaçmış; Tolstoyun ulu babası, üçüncü İvanın Şamaxı səfiri olduğu zaman lahıclı bir qıza bənd olub, evlənmiş imiş; Hafizin atası türk imiş, onun üçün Hafiz: “Əgər on türki-Şirazi bədəst arəd dili mara...” deyə milli qanını biruzə verir... Xülasə, bu əlvan keçmişli dostların vaxtilə hərəsi bir mötəbər sima olmuş, dövranlarını sürüb, qocalmışlar. İndi artıq çox da şərəflərinə müvafiq işlə məşğul deyillər: evdəki çocuqları havaya çıxararlar, kooperativlərə şey dalınca göndərilərlər. Bu işləri yerinə yetirdikdən sonra, gündə bir-iki boş saatlarını dəniz kənarında lətifə söyləməklə keçirərlər. Lətifə söyləməkdə də dostların müəyyən üsulları var: Lətifə eşidilmişsə, “fışşş!” – deyə səslənərlər, söyləyən başqa bir lətifəyə keçər. İki həftəlik soyuq dostları bir-birindən ayırmışdı. Hava bir az açılan kimi oldu. Dostlar haman, bulvara qoşdular. Mirzə Zülqədər hamıdan sonra gəldi. Bunun xəstə baxışı, yavaş yerişi o birilərin nəzərini özünə cəlb etdi: Əsəd bəy adi laübalılığı ilə: – A Mirzə, – dedi, – deyəsən, gönü suya verəcəksən, nə olub? – Axır vaxt ürəyim məni çox incidir. – Deməli... öləcəksən, ha-ha-ha!.. Nə eyib edər ki, adam ölər də... Ocaq Naşid gülərək: – Dərd burasındadır ki, halvasını yeyə bilməyəcəyik. Mirzə mətin səslə: – Bunlar adi işdir – deyin görüm təzə lətifədən nəyiniz var? Ocaq Naşid Molla Nəsrəddin lətifələrindən birini başlamaq istədi, iki tərəfdən də “fışşş!..” səsi eşidib susdu. Əsəd bəy çal bığlarını yuxarı qaldıraraq: – Yanı, yoxunuzdur ki? – deyə dostlarını süzdü və müzəffər bir səslə: – yanın, çatlayın, yenə təzə lətifə məndə olar. Sabahdan axşama qədər it ayağı yemiş kimi şəhəri ayaqlayırsınız da, təzə bir şey öyrənə bilmirsiniz... Mirzə: – İndi sən də bir şey deyəcəksən, yaxşı ola, pis ola – məlum deyil, yer-göycə minnət qoyacaqsan, – deyə Əsəd bəyin sözünü kəsdi. Əsəd bəy başladı: – Birisi keçmişdə qulluq axtarırmış, pristavın yanına gedir, yer istəyir. Pristav deyir: “Sabah gəl”. Sabah gedir, eyni cavabı alır. Bir ay gedir-gəlir, elə pristav “sabah gəl” deyir. Nəhayət, bu bir tüfəng götürüb gedir və “sabah gəl” cavabını aldıqdan sonra çıxıb dəftərxananın qabağında havaya güllə atır. Qorodovoylar tökülüb bunu tuturlar. Xülasə, nə başağrısı, pristavın hüzuruna gətirirlər. Güllə atdığının səbəbini soruşurlar. Deyir: – “Sabah gəl”i öldürürdüm. Artıq “sabah gəl” yoxdur. Dostlar gülüşdülər. Mirzə süni də olsa, daha da çox güldü. Əsəd bəy bir az pərt: – Deyəsən, lətifə bir az duzsuz oldu? – Yox, bu lətifə münasibəti ilə bir ayrısı yadıma düşdü. – Söylə, söylə! Mirzə istehzalı təbəssümlə: –Bu lətifə deyil, – dedi, – olmuş işdir. Bir gün qəbiristanlıqdan dönürdüm. Yolda odun şələli bir adama rast gəldim. Mənə salam verdi. Salamını aldım. Dedi: “Ay qardaş, yol uzaq, qoy bir məzəli şey nağıl eləyim, bir az gülüşək”. Doğrusu, hərifin təklifi xoşuma gəldi. Razı oldum və gülməyə hazırlandım. Başladı: Bir gün, – dedi, – qışda kəndin yanından keçirdim, üstümə on-on beş it düşdü... Əyilib qardan götürüb, bu itin üzünə vurdum, qardan götürüb o itin üzünə vurdum...” Mən hekayənin can nöqtəsini gözləyirdim ki, gülüm... bir də gördüm bu adam şələnin altında az qalır gülməkdən ölsün. Məsələni anladım – gülməli yer elə itlərin üzünə qar atmaqda imiş. Mən də buna qoşulub, qəhqəhəyə başladım. Dostlar Əsəd bəyin üzünə baxaraq gülüşdülər. Əsəd bəy qızardı, lakin özünü itirməyərək: – “Bir abbasını bəyənməyən beş şahı çıxarar” – hünəriniz var eşitmədiyim bir lətifə söyləyin. Heç gülməli olmasın – ona da razıyam. Mirzə ilə Ocaq Naşid fikrə daldılar: bütün bildikləri lətifələri xatırlayıb, yenisini tapa bilmədilər. Birdən Mirzə Zülqədər altun xəzinəsi tapan adam kimi sevinərək ayağa qalxdı: – Lap təzəsini tapmışam, – dedi. – De! De! – Bir gün Bəhluli Danəndə qonaqlıqda idi. Xörək gələndə məcməisini götürüb arxasına qoydu... Əsəd bəyin: – Fışşş! – deyə qalibiyyət duyduran səsi eşidildi. – Məcməinin üstündə itlər boğuşdu... Bəhlul dedi ki, mənə deyirsiniz dal yana bir şey qoy, lazım olar. Görürsünüz, qoydum, üstündə boğuşma düşdü... Ocaq Naşid cəsarətsiz bir halda başladı! – Qonşumuzda Lotu Həsən adlı bir baməzə adam var. Bir gün bunun həyətinə arıq, qoturlamış, gözləri şıpalaq bir it gəlib çıxır. Həsənin itə yazığı gəlir, ona bir parça ət verir. Arvad bunu görüb, başlayır kişini danlamağa. Həsənin üzü çox danlanmışdı, öyrənmişdi. Həmişə arvadı danışanda o sakit durub gülümsünərdi. Bu dəfə gülə-gülə: – Arvad, – dedi, – sənin pulun olmayanda bir yerdən istəyirsən, heç olmasa əlini cibinə salırsan... Bu itin dili yox, tanışı yox, cibi də yoxdur ki, kefi olmayanda əlini cibinə salsın... Lətifəni dostlar çox bəyəndi – güldülər. Cib məsələsi Əsəd bəyə hər şeydən artıq xoş gəldi; uzun-uzadı təkrar edib, güldü. – Sən öl, Ocaq Naşid, – dedi, – itin cibi olmaması çox qəribədir... Bu saat burada araq olsaydı, sağlığına ekstra içərdim. Mirzə başını tərpətdi: – Araq olar, pul yoxdur. Gəlinlərim bazarlığa verilən pulun hesabını qəpiyinə qədər məndən alırlar. Əsəd bəy ailə məsələsinə qarışmaq istəməyərək, təkrar cib məsələsinə döndü və yenidən gülməyə başladı. * * * Aprelin birində səhər saat on birdə Əsəd bəy dəniz kənarında oturub, dostlarını gözləyirdi. Bir az sonra bulvarın qapısında Ocaq Naşidin iri heykəli göründü. Həmişə aram ilə yürüyən Naşid bu dəfə sürətli addımlar atırdı. İrəliləyib, həyəcanla: – Nə oturmusan? – deyə Əsəd bəyi heyrətli baxışla süzdü. Əsəd bəy adi gülüşlə: – Oturmuşam, əlimin də içindən gəlib. Nə vecimə, Allaha şükür, cibim var, kefim olmayanda əlimi cibimə qoyuram. Ocaq Naşid üzündə süni kədərlər nümayiş etdirərək: – Mirzənin başına gələni bilmirsən ki? – dedi, bir saat əvvəl biçarə... vəfat etmişdir. – Əşi, nə deyirsən?.. Yoxsa aprelin biri münasibətilə məni aldadırsan? Naşid and içərək Əsəd bəyi inandırmağa çalışdı: – Vallah, doğru deyirəm! Bilirsən ürəyi xarab idi, sancıb, bir saat sonra öldürüb. Əsəd bəy inanar-inanmaz bir halda qalxıb getdilər. Xırda bir otaqda dəmir çarpayıda üzü şalla örtülmüş bir adam uzanmışdı. Gənclər girib-çıxır, yaşlılar ətrafda dayanaraq susmuşdular. Ağlamaq səsi eşidilmirdi. Əsəd bəylə Ocaq Naşid də bir guşədə durub, onlara yaraşmayan kədərə daldılar. Lakin Əsəd bəyin kədəri ciddi deyil idi – o, Mirzə Zülqədərin ölməsinə inanmırdı, nədənsə bu işləri bir aprel oyunu zənn edirdi. Bir aralıq otaqdakılar koridora çıxdılar. Əsəd bəy bundan istifadə edərək, cəld çarpayıya yanaşıb gülə-gülə: – Ay lotu, məni aldatmaq istəyirsən? – deyə Mirzəni qıdıqladı. Mirzənin bədəni Əsəd bəyə tühaf göründü. O bir az duruxub susdu, sonra cəsarətsiz bir halda əlini uzadıb baş tərəfdən şalın ucunu qaldırdı. Mirzənin üzünə ölü rəngi çəkilmiş, qapalı gözlərinin cizgilərinə əzab izləri həkk olunmuşdu... Əsəd bəy ilan vuran adam kimi dəhşətlənib geri çəkildi: – Əşi, sən allah, adam da aprelin birində ölərmi? – Hər kəsə desən inanmayacaq, – deyə hönkürtü ilə ağladı. 1934 * * * Xasiyyətləri tutmamış “Əli, Vəli, Pirvəli, Üçü ondan irəli, Pambıq atan, qoz satan, Rəhmətlik sənin atan, Bir də bu köndələn yatan” Xalq rəvayəti Əhməd kişi adlı bir qocanın həyətə daşınması kirəçiləri çox maraqlandırmışdı. Bu kimdir? Arvad-uşağı yoxdurmu?! Qoca hər kəs üçün bir sirr kəsilmişdi. Onun xırda gözləri, sınıq darağı andıran qaşları, bürüşmüş badımcana bənzər iri burnu, yoluq saqqalı, boğazından sallanan şiş tüklü şəlpələr – hamısı sanki “Yaxın gəlmə, həşrini qataram” ifadəsi ilə dolu idi. Bir neçə dəfə ona rast gəlmişdim, məni şiddətli baxışı ilə süzmüş və qaşları ilə oxlayan kimi olmuşdu. Hər gün bir çox qocalara rast gəlirik, bunların üzlərində həyat qürubuna məxsus bir hüzn var, ancaq bəzisində bu duyğu dərin, bəzisində isə səthi ifadə olunur. Əhməd kişinin çöhrəsindəki ifadə bambaşqa idi: əzab hiddətə, hiddət də nifrətə qarışmışdı. Hər gün Əhməd kişiyə təsadüf etməm adət şəkli alaraq, ona alışdım və bu da başqa qocalar arasına keçib unuduldu. Bir axşam qapım açıldı, Əhməd kişini arasında gördüm. Yoğun ağacına söykənərək, qaşlarını oynadırdı. – Buyur! – deyər – deməz, – Bağışlayacaqsan, zəhmət verəcəyəm, – deyə gəlib göstərdiyim yerdə oturdu. Qara buludlar arasından parlayan təsadüfi şəfəq kimi, üzündə təbəssüm oynayıb, qaib oldu. – Şair olduğunu eşitdim, – dedi. – Nə olar, elə bu da bir işdir. Biz qədrini bilirik, yəqin böyük də işdir. Olmasaydı, Firdövsiyə bu qədər cah-cəlal düzəltməzdilər. Ancaq yerinə düşməklədir. Rüstəm pəhləvanın nağılını çox eşitmişəm. Hünərli adam imiş... Nə olar?.. Amma belə bilirəm, bəlkə mən qələt başa düşürəm, savadım yoxdur – bağışla, başağrısı verirəm – belə bilirəm, axır Firdövsi indi olsaydı... bizə də nəzər yetirərdi. Biz yəni adam deyilik, bizim də dərdimiz var... Əhməd kişi susdu. Arxalığının cibindən tənbəki kisəsini çıxartdı, çubuğunu əvvəl püfləyib, sonra doldurdu. Tələsməyərək kibrit yaqdı, qaşları qanadlanaraq enib-qalxdı, tüstü bığlarının arasından burulaburula çıxmağa başladı. Bağışla, baş ağrısı verirəm. Onu demək istəyirəm ki, biz də adamıq. Bizdən sonra gələnlər də bizim dərdimizi bilməlidirlər... Bağışla, başağrısı olur, mən deyim, sən yaz, indi bir şey də olmasa, olmaz... bir şey ki, itirmirik... Heç olmasa ürəyimi boşaldaram... Qocanı ürəkləndirdim. Söyləməsini rica etdim. Bir çox müqəddimə və haşiyələrdən sonra başladı: – Oğlum çoxdan ölmüşdür. Bircə övladım vardı. Arvadı üç ay keçməmiş birisinə qoşulub ərə getdi. Bir yetim qız qalmışdı, onu da yanımda böyütdüm. Daha nəvədir, zarafat deyil, adamın canı-ciyəridir, əlimdən gələni əsirgəmədim. Yamanyaxşı böyütdük. Onu deyim ki, zəmanədən geri də qalmadı: oxutduq, mamalıq attestatını da aldı... Bağışla, başağrısı olur. Bir gün nənəsinə demiş ki, ərə gedirəm... Onda on altı yaşı var idi, hələ oxuyurdu... Nə deyim? Nə məsləhət, nə məşvərət, özü sevib, alışıb-verişiblər. Heç olmasa bir saqqal altından keçə: “Ay baba, sən zəhmətimi çəkmisən, qoca, dünyagörmüş adamsan, bir de görək razısanmı?” – Heç! Tövbə, bir kəlmə də olmadı. Bir gün gədə də gəldi çıxdı. Mütrüb sifətli birisi. Dedim, canı çıxsın. Xülasə, başağrısı olur, sürükdü getdi. Yenə əlimizdən gələn hörməti elədik, yaxşı da cehiz verdik. İki ay tamam olmamış geri qayıtdı. Axırı belə olacağını bildiyim üçün heç bir şey soruşmadım. Nənəsinə demiş ki, xasiyyətimiz tutmadı... Xülasə, bağışla başağrısı verirəm, başı batmışın uşağı varmış, yüz manat da həkimə verdik bici tələf etdirdik. Yenə məktəb başlandı, oxudu, qurtardı. Qəzalardan birinə qulluğa getdi. Doqquz ay keçdi. Bir gün qapı açıldı, şələli bir hambal içəri girdi. İki pud düyü, üç pud un, bir pud yağ, zoğal axtası, əvəlik qurusu, bir də bir uzunboğaz çəkməli oğlan gəldi. Heç dinmədim. Dinsəm nə çıxacaq, babanın saqqalına baxan kimdir. Xülasə, gündə plov, içki, qaş-atma, göz oynatma. Mən də düyü yemirəm, zəhrimar uduram... Xülasə, başağrısı verirəm. Bir ay da keçmədi, dava-dalaş başlandı. Uzunboğaz çəkməli igid acıq eləyib getdi. Səbəbini arvaddan soruşdum, dedi: “Xasiyyətləri tutmamış...” Bir gün sonra başıbatmış nəvəm də yoxa çıxdı... Uşaq saldırıb, azarlıxanada yatırmış. Əhməd kişi titrək əlləri ilə kibrit yaqıb, çubuğu yenidən odladı, yanaqlarında batıqlar əmələ gətirərək bir qullab vurub, sözlərinə davam etdi: – Azarlıxanadan iynə yemiş it sifətində qayıtdı; sapsarı saralmış, güclə ayaq üstdə dururdu. Bir az da evdə yatdı. Yedi, içdi, özünü durultdu, yenə axşam gedib gecənin yarısı gəlməyə başladı. Bir gün, bağışla, bacıoğlu, başağrısı olur, qapı döyüldü. Gedib açdım. Qucağı uşaqlı bir arvad gəldi. Elə bizim arvadı görər-görməz ağzını açdı, gözünü yumdu. Bir elə şapbıldaq düşdü ki, evdə sağ stəkan, salamat nəlbəki qalmadı... Nə başını ağrıdım, bacıoğlu, çubuğu üzümə söykəyib, elə otduğum yerdə həyamdan öldüm... Sonra işi başa düşdüm: nəvəm bu quçağı uşaqlı arvadın ərini yoldan eləyib, evlənmək istəyirmişlər... Dedim, cəhənnəm, qoy nə olur olsun, təki bu başıbatmış cəhənnəm olub getsin, canım qurtarsın... Getdi. Haraya getdiyinin fikrində deyildim. Eşitdim kişi ayrı bir otaq tutub, bərabər yaşayırmışlar... İnanırmısan, bacıoğlu, bir neçə ay keçmədi, yenə qayıtdı gəldi... Bu dəfə mən özümü saxlaya bilmədim: arvadı nəvəmə, nəvəmi də arvada qatdım, o ki, var döydüm. Arvada dedim: “Dur!”. Dedi: “hara?”, dedim: “Zaksa”. Getdik. Adımızı dəftərə yazdılar. Gözlüklü bir mirzə vardı, dedi: “Əmi, ayrılmağınızın səbəbi nədir?” Dedim: “Oğlum, xasiyyətimiz tutmadı”... Əhməd kişi qaşlarını oynadaraq, xırda gözlərini üzümə zilləmişdi, sanki məndən iztirabını təskin edəcək sözlər gözləyirdi. Mən onu qane edə biləcək bir cavab tapa bilmədim. 1934 * * * İki çocuq Kəndin kənarındakı böyük qoz ağacının altında qurulmuş mağarı çoluq-çocuq bürümüşdü. İçəridə toy idi: zurnaların səsi ahılı-cahılı nəşələndirərək süzdürürdü, hər kəs bu xeyir işə bacardıqca bəzəklidüzəkli gəlmişdi, iri heybətli papaqlar, təpmə qəhvəyi çuxalar, qıvraq patava və çarıqlar mağarı doldurmuşdu. Mağarın qapısına toplanan oğlan və qız çocuqları da rəngarəng idi: sarı, qırmızı, yaşıl... göz qamaşdırırdı. Şal gödəkçəli, qıllı papaq bir uşaq qığılcım kimi sıçrayaraq oradaburada səkir, “sümüyünə düşən” havalara bir az süzür, sonra birdən sanki utanaraq, qaçıb çocuqların arasında gizlənirdi. – Qasım, ay Qasım! – deyə adı dillərdə idi. Çocuqlar onu çağırmaqdan, onunla danışmaqdan, əylənməkdən elə bil ayrıca bir zövq alırdılar. O da kimsədən “kərəmini” əsirgəmirdi: birisi ilə süzür, o birisi ilə güləşir, zarafatlaşırdı. O, toyun bütün mənasını daşıyan bir rümuz idi: musiqi qədər şən, nəşə kimi cazibəli və fərəh qədər qanadlı idi. Onun bir dəqiqə bir yerdə durmağa qərarı gəlmirdi: mağarın ətrafını dolaşır, kecələrin arasına soxulub, içəridə oynayanlara tamaşa edir, bir də əlini yuxarı qaldıraraq – Ay şabaş!.. – deyə kənardakı uşaqlara doğru coşurdu... Əlvan geyimli çocuq dəstəsindən kənarda solğun paltarlı, dizi yamaqlı, cırıq çarıqlı bur uşaq durub, bu gülərüzlü, məsud məxluqa həsrətlə tamaşa edirdi. Onun sarı bənizi, sönük və qəmli gözləri Qasımın nəzərini özünə cəlb etdi. Atəşli baxışı ilə onu süzdü, lakin məmnun qalmadı: Haman, nəşəsi söndü, kiçicik qəlbi sıxılmağa başladı. Qasım geri çəkildi, düşüncəli bir halda mağarın o biri tayına keçdi. Çocuqlar yenə yüyürüşüb: – Qasım! Ay Qasım! – deyə onunla əylənmək və oynamaq istəyirdilər. Lakin Qasım onlara diqqət verməyib, sükut içində dolaşır, nə isə düşünürdü. Anlaşılmaz bir dərd onu sıxır və bütün bu toy sevinclərini zəhərləyirdi. Bir az mağardan uzaqlaşaraq dərdini unutmaq istədi, müvəffəq ola bilmədi – gördüyü çocuğun solğun üzü, qəmli gözləri ona rahatlıq vermədi. Anlaşılmaz bir acı balaca varlığının hər bir guşəsinə səpilib, kefini pozdu... Qasım geri qayıtdı. Rəngarəng geyimlər və qayğısız çocuq gülüşləri arasından keçib, mağarın qapısına yanaşdı... Solğun bənizli çocuq əvvəlki yerində durmuşdu. Əvvəlki vəziyyətini heç dəyişməmişdi, yenə qəmli baxışı ətrafındakı əylənən və gülənlərə oxlar yağdırırdı. Qasımın ürəyi büsbütün xarab oldu, gözləri yaşardı. – Anası ona nə üçün təzə paltar tikməyib? – deyə düşündü. Bəlkə anası yoxdur... Anası haradadır?.. Ölmüşmü?.. Qasım sualına cavab tapa bilmədi... Yaşlar arasında çocuğu bir də süzdü: qəmli gözləri onun qəlbini təkrar odladı. Kirpiklərindən süzülən yaşlar onu bir an ayıldan kimi oldu. Yoldaşlarından utanaraq yenə çəkilib getdi. Rast gələn ilk çəpəri basıb, bağa girdi: ağacların meyvəli budaqları qanad gərib durmuşdu, ot və çiçəklə bəzənmiş xiyabanlar, sanki yeni paltar geyib, toya hazırlanmışdı. Kölgəliklərdə oynaşan sarı günəş ləkələri könül açırdı. Bu mənzərə Qasımı fikrindən ayıra bilmədi: hər yerdə solğun bənizli, qəmli baxışlı çocuğu gördü... Qasım heç bir şey düşünməyərək geri döndü. Çəpərin dibindən axan arxın həzin qülğüləsi onu dayandırdı. Bir az tamaşa etdi... Ürəyi açılmırdı... Arxı keçib sönük addımlarla mağara doğru getdi... Çocuq eyni hal və vəziyyətdə idi... Qasımın ürəyi təkrar yaralandı, onun balaca vücudu artıq əzaba tab gətirə bilmirdi... Birdən cürətləndi: qəti addımlarla çocuğa yanaşdı. Çocuq onun gəlməsinə məna verməyər kimi vəziyyətini dəyişmədi: gözləri yenə qəm saçırdı. Qasımın gözləri yaşla dolaraq, qaba bir tərzdə onun qolundan dartdı. Çocuq vəhşi bir heyvancıq kimi dişlərini qıcayıb, Qasıma bir yumruq ilişdirdi. Bununla ürəyi soyumadı: onun qıllı təzə papağını yerə vurub, saçlarından yapışdı... Çocuğun amansız zərbələri altında Qasımın dərdi dağılır, onun saatlardan bəri qəlbini bürüyən əzab dumanı yayılırdı... Qasım çocuğa əlini qaldırmadı, mükəmməl döyüldükdən sonra papağını yerdən qaldırıb başına qoydu və məmnun bir halda ondan uzaqlaşdı... Yarım saat sonra yoldaşları yenə: – Qasım, ay Qasım, – deyə onu çağırır, o da əvvəlki şənliyinə davam edirdi. 1934 * * * Lüzumsuz arzu üçün İki il idi onu görməmişdim. Bir gün təsadüfən rast gəldim. Hələ mənə yaxınlaşmadan adəti üzrə qaşlarını yuxarı qaldırıb gülümsədi və qızıl dişlərini göstərərək: – Ya Allah, ya Allah, – deyib əlimi sıxdı. – Balam, haradasan? Sanki başqa-başqa şəhərlərdə yaşayırıq. – Təbii, sənətimiz ayrı, iş sahələri başqa, hərəmiz bir mühitdə dolaşırıq. Dostum başını bir az yan tərəfə əydi, məni həsrətlə süzdü: – Aşna, deyəsən, qocalırıq, – deyə qəhqəhə çəkdi və güldükcə də vücudu əyilib-qalxaraq cürbəcür hərəkətlər yapdı. Mən də onu ayaqdan tutmuş başına qədər gözdən keçirdim: iki ilin müddətində heç də dəyişilməmişdi; biləks dəyişiklik var idisə də, ona nöqsan gətirəcək bir mahiyyətdə deyil idi: bir az kökəlmiş, ciddiləşmiş və üzündə qürurlu bir məmnuniyyət duyulurdu. – Aşna, – dedim, – qocalıq sözünü fikrinə belə gətirməyə haqlı deyilsən – başında ağ tük yox, səhhətin yerində. Əsli budur, yaşa baxılmaz. Sözlərimdən son dərəcə məmnun oldu, yenə qəhqəhə çəkdi, yenə bədəni əlvan şəkillər aldı. Sonra tələbəlik həyatımızı xatırladan bir neçə vəqə anlatdı, güldük və çox arxada buraxdığımız gəncliyimizi nəşələrlə yad etdik. Bununla görüşümüz bitdi. Bir-birimizin vəziyyətinə dair bir söz belə dodaqlarımızdan qopmadı. Mən soruşmadım, çünki o belə suallardan xoşlanmazdı. O, atacağı hər bir addımını dərin sirlərlə əhatə edərdi. Tələbəliyində belə onunla illərcə bir otaqda yaşayan yoldaşı da işlərindən baş aça bilməzdi. Ayrılarkən: – Sən bizdən uzaq qaçma, gəl. Ayın dördündə axşam qonağım var. Gəlsən çox məmnun olaram... Oturarıq, bir az keçmişi xatırlayıb gülərik, – dedi. Adresini söylədi, yazdım. * * * Ayın dördündə getdim. Xidmətçi qız qapını açıb, məni gözəl məfruşatlı böyük bir salona buraxdı. Qoltuqlardan birinə yanaşarkən sağ tərəfdəki qapı açıldı, Roza xanım içəri girdi. Görüşdük. – Buyurun, oturun, – deyə mehriban bir səslə yer göstərdi, qarşıqarşıya oturduq. – Bəs Müğbil haradadır? – deyə dostumu soruşdum. – Bu saat gələr – xəstələrinə baxmağa getmişdir. – Yəqin gec gələr, – dedim. – Yox, bu gün hamısına baxmayacaq; başqa günlər, təbii, çox məşğuldur: gündüz xəstəxanada, axşamlar da evdə qəbul edir... Eh, həkimlik çətin işdir! Bir dəqiqə belə rahat buraxmırlar... Çox yorulur, yayı səbirsizliklə gözləyirik. Roza xanım dodaqlarında bir təbəssüm oynatdı və ərinin müvəffəqiyyətlərindən məmnun olduğu təbəssümündə parladı. – Bu yay harada istirahət etmək fikrindəsiniz? – deyə sordum. – Keçən yay, – dedi, – Kislovodskda idik. Doğrusu, hər yay eyni yaylağa getmək insanı bıqdırır; bu il Borjoma gedəcəyik... Müğbilin qayıtması bir saat çəkdi. Hələ qonaqlar gəlməmişdi. Roza xanım arabir məni tərk edir, mətbəxə baş çəkib, qayıdırdı və söhbətlərimizə təkrar davam edirdik. Roza xanımı çoxdan tanıyırdım. Tacir ailəsinə mənsub idi. Geniş yaşayışı, gözəl geyinməyi və şöhrəti çox sevərdi. Onda böyük zənginlik arzusu var idi. Xüsusi əmlak, avtomobil, Avropa səyahəti, Paris modası adi məfkurələrindən idi. Maddi vəziyyətlərinin bütün gözəlliklərinə baxmayaraq, yenə onda tam məmnuniyyət görünmürdü. Başqa mühit, başqa vəziyyət meyli dəruni aləmini sarsıtmışdı. Məni gəzdirib, otaqları göstərərək məhcub olan kimi idi: – Mənzilimiz böyükdür, – dedi, – beş otaq bizə kafidir, ancaq... burada mənim istədiyim süs yoxdur. Mən möblənin və məfruşatın başqa cür olmasını istərdim. – Məncə, – dedim, – mənzilinizin nöqsanı yoxdur: geniş və gözəl məfruşatlıdır... – O!.. – deyə sözlərimi kəsdi. – Onda sizin, bağışlayın, əsil zövqdən xəbəriniz yoxdur. Gəlin, görün mən sizə nələr göstərəcəyəm. Salona döndük, Roza xanım qəfəsədən bir sıra jurnal çıxarıb, masanın üzərinə qoydu. – Baxın, – deyə açdı, – bu evlərin incəliyinə, bağçaların səliqəsinə, hovuzlara, nəhayət, otaqların nəfis üslublu məfruşatına baxın. Bizim ev bunlara nisbətən tövlədir... Roza xanımın təqdim etdiyi alman və fransız jurnallarını gözdən keçirdim: – Bizim yeni yapılan evlərimiz heç də bunlardan geri qalmır, – dedim. Roza xanım təhqir edilən kimi oldu: – Eh, – dedi, – sizdə heç yüksəliş təmayülü yoxdur. Heyrət!.. Mən sərzənişlə: – Əzab çəkməmək üçün lüzumsuz arzulardan vaz keçməli, – dedim. Roza xanım daha da hiddətləndi. – Sizdə ruh böyüklüyü görmürəm. Tələbəliyinizdə də dərvişniyyət idiniz, indi də. Səbəb sizin subaylığınızdır... Əzizim, evlənməlisiniz, özü də tələbkar bir qadınla evlənməlisiniz. O sizə arzunun lüzumsuz olmadığını gözəlcə öyrədər... Yarımsaatlıq münaqişəmiz Roza xanımı fikirlərindən daşındıra bilmədi. Nəhayət qonaqlar gəlməyə başladı, artıq xüsusi söhbətlərə yer qalmadı. Arxası kəsilmədən gələn qonaqlar salonu şənliklə doldurdular: piano səsi, lətifələr, qadın qəhqəhələri ətrafı bürüdü. Müğbil də gəldi. Hamı hazır olar-olmaz, Roza xanımın nəvazişkar səsi eşidildi: – Lütfən, yemək otağına! Otuz beşə qədər adam ağ süfrəli geniş masanın ətrafına toplandı. Burada nələr yox idi. Xalq təbirincə, can dərmanı axtarsaydın tapılardı. Çaydan sonra salona döndük, bir-iki saat sonra təkrar yemək otağına çağırıldıq. Bu dəfə masa daha zəngin, daha süslü idi. Əlvan məzələr və içkilərlə başlayan ziyafət cücə plovu və meyvələrlə bitdi. Gecənin yarısına qədər yeyib, içib, əyləndik.. * * * Dostumun evinə getdiyim ilk və son dəfə oldu. Bir daha birbirimizə rast gəlmədik. Bir il sonra əlli min manat müqabilində mənzilini başqasına tərk etdiyini eşitdim. Təbiidir ki, bunun mənasını anlamadım. Hər halda anlasaydım da Roza xanımın nazı üçün olmuş deyə izah edərdi. İki ay sonra məsələnin mahiyyəti mənə aydın oldu. Müğbilin ailəsinin ev şeyləri ilə bərabər İrana köçdüyünü eşitdim. Bu fəqərədən sonra dostumun həyatı məndə böyük maraq oyatdı. Yaxın əqrəbasının biri ilə görüşməyə başladım. Müğbilin İrandan göndərəcəyi ilk məktubu səbirsizliklə gözlədim. Məktub ehtimal olunacaq vaxtdan çox sonra gələ bildi... Adi şikayətlər: şübhə ilə qarşılandıq, iş tapmaq çətindir, hər şey var, pul yoxdur, həyat olduqca sıxıcıdır. Rozaya çarşab örtmək həbsxanada oturmaq kimidir... Bununla marağım soyumadı; dostumun məktublarını izləməkdə davam etdim. Eyni şikayətlər, peşmanlıq, mədəni həyat arzusu... Məktubların bir müddət arası kəsildi. Altı ay işsizlikdən sonra Müqbil, nəhayət, özünə iş tapmış, dedilər. Məsələ mənim üçün həll olmuşdu; artıq marağımı dəf edib Müqbili unutmağa başladım. Bir gün qohumuna rast gəldim. Məyus bir halda salam verib, məni dayandırdı. – Heç demirsən başınıza nə gəlib? – dedi və gözləri yaşardı. – Nə olmuş? – Nə olacaq, Müğbil Tehranda yatalaqdan ölüb. Qulaqlarıma inanmadım. Əvvəl fikirlərimi bir nöqtəyə toplamaqda aciz idim. Sonra yavaş-yavaş özümə gəlib, Roza xanımla aramızda olan danışığımızı xatırladım. Öz-özümə: “Əzab çəkməmək üçün lüzumsuz arzulardan vaz keçməli”, – dedim. 1934 * * * Qoca nənənin ölümü münasibətilə İbrahimin qoca nənəsi öldü. Tam qarılara layiq bir surətdə də öldü: üç gün yatdı, “varımı-yoxumu bilirsiniz, mənə ehsan verin”, – deyə altı kəlməlik bir vəsiyyət elədi; axırda da ağzını açıb-yumdu. Vəssalam. Qarı tamam oldu... Hekayətimiz də burada bitməli idi. Ancaq... “papağın keçi dərisindən, xəbərin yoxdur gerisindən”... qulaq as, gör nə oldu. Xülasə, bir gün İbrahim qulluğundan döndükdə evdə bir yaşmaqlı arvad, yanında iki-üç burnu zılıqlı uşaq gördü. – Ana, bunlar kimdir? – deyə sorduqda, yaşmaqlı qadın: – Başına dönüm, məni tanımırsan?.. Yəni haradan tanıyasan ki, uşaq vaxtı görmüsən. Biz Ağcabədidə, siz də burada... Mən rəhmətliyin xalası nəvəsiyəm... Vallah, ölümünü eşitdim, o qədər ağlamışam ki, nə təhər... Qadın sözlərinin doğruluğunu isbat etmək üçün buradaca yaylığının ucu ilə gözlərinin yaşını sildi. İbrahim əvvəl, hələ yarasının ağrısını duymayan adam kimi gülümsədi: – Gərək bir böyük oğlun da olsun, – dedi. Qadın bu sözlərdən sonra yaşmağını çənəsindən aşağıya salıb dil açdı: – Bay elə belə qohumsan, dayna, heç bir demirsən, qohumlarım necə oldu... Böyük uşaq burada Nəriman texnikumunda, qız da mamalıq oxuyur... Gələcəklər görərsən... Burada İbrahim ayıldı, öz-özünə: “Deməli bunlar bizim çörək və şəkər payımıza şərik çıxacaqlar...” Sinirləri oynaqlamağa başladı. Evdə sakit qoca bir pişik var idi. Bunun səsi heç eşidilməzdi. Zatən vəzifəsi də böyük deyildi – hərdənbir siçanlara hücum edər, sonra mərhum qarının yerdə salınmış döşəkcəsinin üstünə çəkilərdi. Bu pişik də yasa gələn qonaqların, boğazına şərik çıxacaqlarını duyub, sinirləri alt-üst oldu. Yemək masasının ətrafına fırlanıb, miyoltusundan nalələr yağdırırdı. Təbii idi ki, həmişəki payını almadı və əvəzində İbrahim qonaqlara gücü çatmayıb, ona çığırdı. Pişiyin izzəti-nəfsi tamamilə qırıldı, məyus bir halda döşəkcənin üstünə çəkilib, öz dilində bir neçə söyüş söyüb sakit oldu. Tərs kimi qonaqlar da bir torba süzmə qatıqdan başqa bir şey gətirməmişdilər; Qoca pişiyin də döşü qatıq götürmürdü. Nə isə, İbrahimi fikir götürmüşdü. Düşündü, daşındı, axırda bir müəssisənin ona beş yüz manat borclu olduğunu xatırlayıb sakit oldu. İbrahim qulluğundan başqa evdə də işlər, layihələr hazırlardı. O biri gün o, müəssisə mühasibinin yanına getdi. Mühasib ortaboy, başı parlaq dazlı bir adam idi; burun deşiklərinin qabağına yapışan bığı səliqəsiz yamağa bənzəyirdi. Söz danışanda şalvarını yuxarı dartar və tez tez gözlərini qırpardı. Hər bir mehriban sözü istiot kimi acı idi. İbrahim nəzakətlə yanaşıb salam verdi. Mühasib cavab vermədi. Masanın üstündəki kağızları qarışdırıb, çox məşğul adam kimi, qaşlarını çatdı, gözlərini qırpdı. İbrahim: – Yoldaş mühasib, axı o pul çoxdan qalır, – dedi. Mühasib qaba bir halda: – Pul olanda gəlmirsiniz, pul olmayanda gəlirsiniz. İbrahim cəsarətsiz bir səslə: – Bəs nə vaxt olacaq? – Heç bir şey deyə bilmərəm. İbrahim, sədəqə gözləyən yetim kimi, bir az durub, sonra otağı tərk etdi. Evə qayıtdıqda evdə iki təzə qonaq da gördü, bir qadınla on üç-on dörd yaşında bir oğlan da gəlmişdi. Məlum oldu ki, bunlar da Dərbənddən yasa təşrif gətirmişlər. Arvad İbrahimin ayağına durdu, üzündən öpdü və qızartdaq gözlərindən bir-iki yaş axıdıb dedi: – Qadan canıma, bibimin ölməsini eşidib, o qədər ağlamışam, nə təhər... Dedim, həm ziyarət, həm ticarət, həm çoxdan görüşməmişik, həm də bu uşağı burada məktəbə qoyaram, gözünüz üstündə olar. Yeddi illik qurtarıb, həkimlik oxumaq istəyir... İbrahim sinirlənərək: – Ziyarət hansıdır, ticarət hansıdır? Ticarətdisə, bəs alan kimdir, satan kimdir? Arvad cəsarətsiz gülüşlə: – Qadan alım, torpağı sanı yaşayasan, deyəsən, sən də rəhmətlik atan kimi bir az tündməcazsan. İbrahim acıqlı: – Sən atamın goru, məndən əl çəkin!.. Əşi bu müsəlmanlar bilmirəm, nə vaxt adam olacaqlar, – deyib yataq otağına keçdi. İbrahimin anası qonaqdan üzr istər kimi: – Onun sözündən incimə, – dedi. – Oxumuş adamlar elə bir az tünd olurlar. – Niyə inciyirəm, yad deyil ki, mənimkilər də elə belədir. Bax, bunu görürsən, – deyə oğlunu göstərdi, – dərs oxuyanda ağzımızı aça bilmirik: o gecə kitabı atdı, bir küpə doşabımı əndərdi. Qadın danışarkən oğlunun üzünə fəxrlə baxır və gülümsünürdü... Nə isə... Nahar verildi. Hamı, zahiri də olsa, mehribançılıqla masanın ətrafına toplandı. Pişik yenə miyoldadı, şikayətləndi, təbii, yenə ağzına baxan olmadı. Bəlkə qonaqların ayaqlarına dolaşarkən bir-iki də gizli təpik yedi. İbrahim baxdı gördü ki, mühasibsiz iş aşmayacaq, o biri gün qulluqdan bir az tez çıxıb, mühasibin yanına getdi. Bu dəfə mühasib onu çox xoş bir halda qəbul etdi, şalvarını iki dəfə yuxarı çəkib, gözlərini qırpdı: – Necəsiniz? – dedi, – vallah, mən sizin xətrinizi çox istəyirəm. Dünən gecə də bir yerdə sizin söhbətiniz idi... Xətrinizi çox istərəm... Bu əsnada kim isə mühasibi çağırdı, şalvarını darta-darta getdi. İbrahim bir saat gözlədi, mühasib gəlmədi. Müəssisəni başdanbaşa dolaşdı. Hər bir otağa baş təpdi, tapılmadı. Yenə məyus bir halda evə döndü. Ağcabədili arvadın məktəbdəki oğlu ilə qızı da qonaq gəlmişdi. Yemək masası darlıq elədi, bir qanadını da açdılar. Xülasə, bir neçə gün belə davam etdi. Dərbənd üzümü və süzmə qatıq qurtardı. Bakının suyu qonaqlara düşüb, iştahaları bir az da açıldı. Körpə uşaqlar dəqiqədə bir çörək və “qaqa” istəyirdilər. Dərbəndli qadına yolda soyuq dəyib, öskürür, ilıq yumurta istəyir; ağcabədilinin könlünə rahətülhülqum düşür. Nə baş ağrısı, bu yasa gələn qonaqlar evdə istirahət qoymadılar. Təkcə balacaları gündə beş girvənkə çörək görmürdü. Rəhmətlik qoca nənənin cehizlik qızılları torksinə doğru axır. İbrahim də mühasibin yanına ayaq döyməkdən yorulmuşdu. Gah pul yoxdur, gah mühasib yoxdur, bunlar da olanda kassir olmurdu. Bir gün yenə pul dalınca gedəndə müəssisənin pilləkənində bir tanışına rast gəldi. Görüşdülər. Məsələni anlatdı: – Yuxarılara da deyirəm, bir şey çıxmır, – dedi. Tanışı ona: – Əşi, sən heç dünya işlərinə bələd adam deyilsən, – dedi – mühasib də öz yerində bir adamdır, onun da mövqeyi və şərəfi var. Yuxarılarda nə işin var. İş onun özündən asılıdır; istədiyi adamlara həmişə pul tapır... – Bəs nə edim? – Deyim: kassada pul olanda o həmişə acıqlı olur. Xasiyyəti belədir. Pul olmayanda deyir, gülür, zarafatlaşır. Onu güdərsən, bir də bir ərizə hazırlarsan, elə ki, gördün ağzının sözünü danışa bilmir, ətrafındakıları acı dillə zəhərləyir, onda ərizəni şafla... Bacarsan, bir-iki də minnətçi götür: o şöhrətbazdır. Vəssəlam. Mənim bir qəpiyim də ləngimir... O gündən başlayaraq İbrahim, pişik sərçənin marığına yatan kimi mühasibi güdməyə başladı. Bir gün kassanın qabağında çoxlu adam gördü. Mühasib şalvarını çəkə-çəkə koridordan otağa, otaqdan koridora girib çıxırdı. Qaşqabağından zəhər yağırdı. Verilən suallara əhəmiyyət verməyərək, gözlərini dəqiqədə yüz dəfə qırpırdı. İbrahim məsələni anladı. Bir dəqiqə itirməyərək evə qoşdu. Yasa gələn qonaqları çoluq-çocuqları ilə bərabər yığışdırıb, yas qurbanı olan pişiyi də qucağına alıb, mühasibin otağına gətirdi. Rəngarəng geyimli bu adamlar əllərini döşlərinə qoyub, mühasibə təzim etdilər və hamısı bir səslə: – Bizi balalarının başına çevir! – deyə bağırışdılar. Pişik də məsələni anlayıb, yanıqlı bir səslə miyoldadı. Bu əsnada İbrahim ərizəni qorxa-qorxa uzatdı. Mühasib ərizəni özünə məxsus əzəmətlə gözdən keçirdi və mehriban bir səslə əməkdaşlarından birinə: – Hüseynqulu, – dedi. – İbrahim yoldaşın orderini gətir, qol çəkim. 1934 * * * Qusar mülkədarları Xudat stansiyasından Qusara gələn avtobus sürətlə boşaldı. Son enən orta yaşlı, başının yanları ağarıb gümüşə çalan bir kişi, arıq arvadı və çəlimsiz xırda qızı oldu. Bunlar şeylərini tələsmədən bir tərəfə toplayıb tarlanmaq istəyən toyuq-xoruz kimi, ətrafa hay atmağa başladılar. Bir az keçmiş kişi bazarın uzaqlarına baxaraq: – Reyhan, odur gəlir! – deyə arvadının qolundan dartıb gülümsədi: Bir cavan oğlan gülə-gülə o nlara yanaşıb, əl verdi: – Möhsün əmi, bu gün iki-üç dəfə buraya gəlmişəm, – dedi. – Dedim yəqin yolda ləngidiniz... Buyurun, gedək! Gənc haman bir adam tapıb, qonaqların şeylərini yüklədi, yola düşdülər. Sağa dönüb, Qusarın çaya tərəf küçəsində bir evə girdilər. Gənc, Möhsünün idarə yoldaşının oğlu idi. Möhsün özünə ev tapana qədər bunlarda qalmalı idi. Qonaq yaxşı şeydir, ancaq ev sahibinə çox əziyyət verməyə. Bunu Möhsün bilirdi, onun üçün naharı edər-etməz gənclə ev axtarmağa getdilər. Bu il Qusara çox istirahətçi gəlmişdi, evlər tutulmuşdu. Çox gəzdilər, nəhayət irəliki gün bir otaq boşaldığını duyub oraya qoşdular. Kişiliyi ilə arvadlığı məlum olmayan, qılıncı burunlu birisi yaşmanaraq küçə qapısının balkonunda bunları qarşıladı. – Burada otaq kirayə verilirmiş... – Bəli, buyurun, baxın. Möhsün arvadı və qızı ilə evin həyətə nazir uzun, xaraba balkonuna girdilər. İlk ayaq basdıqları taxtanın o biri başı qalxıb, bunlara təzim edər kimi oldu. Balkonun ikinci taxtasına keçdikdə bu taxta da qonaqlara qarşı eyni nəzakəti göstərdi. Qabaqda gedən Möhsün əlini sütuna atıb, boğuq səslə bir dəfə: – Reyhan, qızı gözlə! – deyə qışqırdı. Ev xanımı gülərək: – Ay qardaş, qorxmayın! Nə var ki? Taxtaların mismarı düşmüşdür, od aparmış kişiyə çal deyirəm, çalmır. Sabah özüm çalaram... Qonaqlara təzim edən taxta qayıdıb yerinə toxdadıqda xırda qızın ayağını dişlədi: zil qışqırtı qopdu. Reyhan ərinə acıqlanaraq: – Möhsün, bizi buraya çolaq etməyə gətirmisən? – deyə geri döndü. Cəsarəti qırılmış Möhsün sütundan yapışaraq durmuş, balkonun əcaib mənzərəsini seyr edirdi: taxtalar çürüyüb, dəlik-deşik, sanki tam bir şadara olmuşdu; həyətə tərəf sürahi uçub, yerində qorxunc uçurum açılmışdı... Möhsün süpürgə həsrəti çəkən həyəti süzdü: alma, armud, gavalı dənizində batan ağacların arasından uzaqdakı mavi sisli meşə görünürdü... – Ay bacı! – deyə ev sahibinə müraciət etdi. – Təbiət sizə bu qədər var verdiyi halda, bu nə pintilik, nə tənbəllikdir? Dünyada mıxmı yoxdur? Meşədə ağacmı tapılmır? Taxta qəhətliyidirmi?.. Möhsünün rəngi qaçdı, hirsindən titrəməyə başladı. Reyhan qapıdan başını sallayaraq: – Möhsün, sakit ol, axır həkim sənə deyib ki, sinirlənmək olmaz. Çıxıb getdilər. Küçələri dolaşdılar. Soraq elədilər, otaq tapılmadı. Yenə geri döndülər, əlacları kəsilib əvvəl baxdıqları evə girdilər. Möhsün ev sahibini çağırıb ehmal səslə: – Yaxşı, nə təhər eləyək? Buranı sabaha qədər təmir edib, bizə verərsənmi? – deyə soruşdu. Ev sahibi: – Qardaş, – dedi, – acıqlı adama oxşayırsan. Bildir sənin kimi birisi buranı kirələmişdi, çox razı getdi. On girvənkə özü, yeddi girvənkə də arvadı kökəlmişdi. Sən də razı qalacaqsan. Balkon xoşuna getmədi, çünki Bakıdan gəlirsən, bura Bakı olmaz ki... Möhsün yenə sinirləndi: – Bacı, səndən Bakı evi istəmirəm. Ancaq elə olsun ki, ayaqlarımız bu deşiklərə düşüb sınmasın. Ev sahibi güldü: – Qardaş, neçə ildir burada qalırıq, görürsən, hamımızın ayağı yerindədir... Möhsün sakit: – Yaxşı, sabaha qədər buraları bir yaşanacaq şəklə salarsanmı? – Hamısı düzələr, arxayın ol... Razılaşıb köçdülər. Sabah alaqaranlıqdan həyətdən gələn söyüş və qarğış səsi kirəçiləri yuxudan ayıltdı: arvad ağacın altında yatan kişini qaldırıb, meşəyə ağac dalınca göndərirdi; balkonda çəkic səsindən qulaq tutulurdu... – Üzünüzü mürdəşir sürtələsin, düz mismar yoxdurmu?.. Od aparmışlar, qışda tənbəllikdən bağa enmədilər, buraları sökdülər, yandırdılar... Sizi qırılasınız... Bu kişiyə bax, başı batmış, o biri üzünə çörüküb, yenə yatdı... – deyə ev sahibi arvadın səsi gəlirdi... Bütün günü kirəçilər baş-beyindən oldular, nəticədə paslı mismar quru taxtaya batmadı, meşədən də ağac gəlib çıxmadı... Bir gün xırda qızın qışqırtısı eşidildi. Anası yüyürüb gördü uşağın ayağı taxtanın deşiyinə düşüb, çıxmır. Bir təhər burub çıxardı. Möhsün evdə yox idi. Sinirlənməsin deyə Reyhan ərinə xəbər vermədi. Ancaq ev sahibini çağırıb, məsələni anlatdı. Yenə çəkic çıxdı, gumbultu düşdü, söyüş və qarğış başlandı. Nəticədə bir-iki vaks qapağı əzilib, deşiklərə salındı. O biri gün Möhsün qızının ayağını sarılı görüb, məsələni anladı. Yenə sinirləndi, deyindi, yenə ev sahibini çağırıb nəsihət elədi, tənbəllikdən, cəhalətdən danışdı. Yenə çəkic taqqıldadı. Bir-iki də köhnə istiot və qəhvə qabı əzildi... İki həftə keçdi. Bu iki həftədə kirəçilər iyirmi dörd xırda və iri qəzaya uğradılar. Ancaq dərin xətər olmadı; məsələ dəri cızılması və qan sağılması ilə qurtardı. Möhsün bir neçə dəfə də sinirləndi, axırda həkimin tapşırığını xatırlayıb, sakit oldu. Fərqi yox idi – get-gedə çəkicin də taqqıltısı yavaşıyıb, axırda büsbütün kəsildi... Məzuniyyətin sonuna on gün qalmışdı... Möhsün dama sərdiyi alma, armud, gavalı qurusunu yığmaq üçün balkonun sütununa dırmanıb çıxmaq istədikdə, sütun yerindən oynadı. Möhsün başı üstə aşağı düşdü. Yolda kəlmeyi-şəhadətini deyib, o biri dünyaya hazırlandığı halda, özünü balkonun altındakı zibil təpəsində gördü. Cəld qılçasını yoxladı, gördü hər şey yerindədir, ancaq buduna qoyun qabırğası batmışdı. Durub, axsaya-axsaya otağına gəldi: – Reyhan, – dedi, – yığış, daha dincəldiyimiz bəsdir. Bakıya getmək lazımdır. Görürəm, bizi qəza hərləyir. Axşam avtobusu onları sağ və salamat Xudat stansiyasına gətirdi. Gələn kimi bir tərəzi tapıb, özlərini çəkdirdilər. Möhsün on iki girvənkə, arvadı yeddi, qızı da üç çətvər əksilmişdi. 1934 * * * Mirzə Əbdülvahab Mirzə Əbdülvahabın bir sandıq dolusu kitabı var. Əksəri qayış cildli Təbriz basmasıdır. Mirzənin çox vaxtı bu kitablar ilə keçdiyi üçün özü də bir növ kitab olmuş – tərpətsən şer tökülər. Zahiri də xalis Təbriz basmasıdır–qulaqlarından tutmuş burnunun ucuna qədər bitən tüklər şikəstə xətt ilə yazılmış beytlərə bənzəyir. Mirzə Əbdülvahabın özünün də təbi-şeri var. Gecələr qamış qələmi mürəkkəbin lığasına basıb, yavaş-yavaş yazar, lakin kəlamini kimsəyə oxumaz. Çünki zamanımızda şerlərinə qiymət verəcək bir adam təsəvvür etmir. Şair deyə tanınmış adamlara da salam verməz və haqlarında ən kəskin, ən kirli mühakimələr yürüdər. Mirzənin bir sıra möhübbü var, onlarla görüşər, həp eyni mövzuda danışılanları hər dəfə söylərlər. Dəfələrlə deyilmiş şerlər təkrar edilər və hər kəs eyni ləzzətlə dinlər. Mirzə Əbdülvahabın klassiklərimiz arasında sevdiyi ən böyük şair Nəsimidir. Mirzə onun Misirdə basılmış divanını dəfələrlə oxumuş, bəlkə də əzbər bilir və ona bir çox nəzirələr də yazmışdır. Nəsimi Mirzə üçün bozbaş kimi zəruri olmuşdur – bir gün dadmasa, kefi pozular. Zəmanəyə darılanda, arvada acığı tutanda, gənc şairlərdən dilxor olanda həp Nəsimiyə müraciət edər. O günü bağdan keçərkən gənclərdən birisi “Bu da bizim Əbdülqılafdır” – deyə ona eşitdirmişdi. Mirzə baxışında ildırımlar oynadaraq evə gəlmişdi. Acığını söndürmək üçün arvada bir-iki yumruq ilişdirib Nəsimi divanını ələ aldı. Mütaliə həmişəki kimi gecənin yarısına qədər davam etdi, lakin Nəsimi heç bir zaman ona indiki kimi yaxın və dost görünməmişdi. Mirzə oxuyur, ləzzətdən nəfəsi tutulur – sevincindən divanı vəcd ilə öpüb, gözlərinin üstünə qoyurdu. Mirzə: “Ah, Nəsimi, kaş sən sağ olaydın, məclisinin aşağı başında oturub, gözlərimi o mübarək ağzına dikəydim” – deyə təsəlli tapırdı. Sonra birdən indiki şairləri xatırlayıb, gözləri çanağında oynamağa başladı: “Lağlağı həriflər, – dedi, – boşboğazlıqdan başqa bir şey bilmirlər. Hələ adamı da bəyənmirlər”... Nəsimi Mirzənin əlində titrədi. Gecə keçirdi. Mirzə gözlüyün ipini qulağından qoparıb, yerindən durdu. Sandığı cırıltı ilə açıb, divanı oraya qoydu. Arvad bozbaş gətirdi, yedilər. Sonra Mirzə qartdana-qartdana soyunub yatdı. * * * Əcəm diyarından Hələbə gəlmiş Seyid İmaməddin əxilər tərəfindən böyük hörmətlə qarşılandı. Dəvədən düşər-düşməz onu hamama apardılar, paltarını dəyişib, ona gözəl təfrişatlı bir otaq verdilər. Sabahdan axşama qədər əxilər onun xidmətində durub, bütün istəyini yerinə yetirməyə çalışırdılar. Az bir zamanda onun böyük şair olub, Nəsimi təxəllüsü daşıdığı şəhərə yayıldı. Şəhərin böyük üləma və dərvişləri onun ziyarətinə getməyə başladılar. Mirzə Əbdülvahab da Nəsiminin gəlməsini eşidib, böyük sevinclə onu görməyə getdi. Brusa çiniləri ilə müzəyyən, divarlarında əlvan kətəbələr asılmış və pəncərələrindən içəri uçuşan şüalarla bərabər çiçək qoxuları dolan bir otağa daxil oldu. Yuxarı başda qaraqaş, qaragöz, topasaqqal, iri əmmaməli bir adam oturmuşdu. Bəlağətlə söylədiyi sözlər imanla dolu idi. Arabir “Cavidannamə”dən danışaraq farsca söylədiklərinin tərcüməsi və şərhi ilə məşğul olurdu. Ayaq üstə dolaşan şal sarıqlı, qısa cübbəli gənc bir əxi Mirzə Əbdülvahaba yer göstərdi, şərbət ikram etdi. Mirzə oturdu. Məclis sonuna varırdı. Oradakılar qalxıb getdi, Nəsimi ilə Mirzə qaldı. Şair mehriban səslə Mirzəni yanına dəvət etdi: – Təşrifiniz haradandır? – dedi. – Azərbaycanın Veylabad şəhərindən. Nəsimi bir az düşündü: – Azərbaycanın mərkəzi Təbrizdə oldum. Oraları gəzdim, amma Veylabad eşitmədim... “Veylabad” sözü Nəsiminin dodağının bir az əyilməsinə səbəb oldu: o gülümsünməsini saxlayaraq: – Adı qəribədir... Veylabad nə üçün? Mirzə fəxrlə: – Çünki əhalisi ərbabi-ülum və danişdəndir... baxın, ən acizi bəndənizəm, mənim də bir sandıq qayış cildli kitabım var. Nəsimi bir az maraqla: – Bu şəhər Nəqşicəhan tərəfdədirmi? – Oradan şimaldadır. – Bildim, Ərrandadır. Ərəb alimləri oranı çox bəyənmişlər – Əlrihab – deyə təsmiyə edərlər. Çünki meyvəsi çox imiş. Mirzə fəxrlə: – Bəli, bəli. Yaxşı sulu armudumuz, kefin istəyən əncirimiz var. – Şüəra və füzəlanız çoxdurmu? Mirzə Əbdülvahab gülümsündü, təvazö göstərərək, yerə baxdı, sonra qəti səslə: – Bəndənizdən başqa kimsə yoxdur; çakərinizin adı Əbdülvahabi Xənnası dillərdə əzbərdir. “Xənnas” sözü yenə Nəsiminin dodağının əyilməsinə səbəb oldu. Bu dəfə şair gülməsini saxlaya bilmədi: “Veyl”, “Xənnas”, – deyə qəhqəhə çəkdi. Nəsiminin bu hərəkəti Mirzəni olduqca dilgir etdi. Mirzənin hiddətindən dodaqları titrəməyə başladı. – Sən nəsən ki, camaata gülürsən? Sözlərin başdan-başa səfsətədir: “Can ilə həm cahan mənəm, dəhr ilə həm zaman mənəm, Gör bu lətifəyi ki, mən dəhri-zəmanə sığmazam...” Bu nədir? Sən nə olmusan ki, heç yerə sığmırsan? Axmaq!.. Mirzə acıqla yerindən sıçrayıb, otağı tərk etdi. İndi o, yeniyetmə şairlərdən daha çox Nəsimiyə qarşı nifrətlər bəsləyirdi. “Bu məlunu dolaşdırmaq lazımdır,” – deyə intiqam yolları arayırdı. Düşünərək cameyə gəldi. Xurma kölgəliklərində gizlənən hücrələrdə üləma əyləşib saillərin işlərinə baxırdılar. Mirzə də qazını soruşub, bir hücrənin qarşısında əl bağlayıb durdu. Növbə ona çatdıqda yeriyib qazının hüzurunda durdu: – Ərzin? – Ərzi-bəndəliyim var. Dini-mübinin səlaməti üçün cəfəri bir zındığın vələdizinalığını ifşa üçün gəldim. Qazının təəssübü coşdu: – Söylə! Söylə! Söylə görüm o mürtəd kimdir? – Diyari-Rumdan möminlər arasında fəsad toxumu əkmək üçün gəlmişdir. Özü də batinidir. Hökmdarlara qarşı yapdıqları sui-qəsdlər məlumi-alinizdir. Nə qədər xan qətl etdiklərini bilirsiniz... Danışdıqları da, haşalillah, küfr... Mirzə o qədər coşmuşdu ki, bir saat Nəsiminin əleyhinə danışdı və axırda özü də öz sözlərinə inanıb ağladı. O saat adam göndərilib, Nəsimini gətirdilər. Hücrələrdəki ruhanilər həyəcana gəlib toplandılar. Mühakimə başlandı. Mirzə Əbdülvahab da şahid sifəti ilə oturmuşdu. Nəsimi verilən suallara sakitlik və mətanətlə cavab verir, heç bir şeydən də çəkinmirdi. Mirzənin iftira və böhtanları da onu şaşırmadı. Fəzlullaha inandığını anladıb, onun haqq olduğunu coşqun bir ifadə ilə deyib, axırda: Dəryayi-mühit cuşə gəldi, Kon ilə məkan xruşə gəldi, Sirri-əzəl oldu aşikara, Aşiq necə eyləsin müdara? – deyib cəzb oldu: ağzından köpük daşlanaraq, yerə sərildi. Qazı hiddətli səslə: – Dərisi boğazından çıxarılsın! – deyə fitva verdi. Ətrafdan təsvib səsləri eşidildi. Nəsimini cəza yerinə gətirdilər. Rəngsiz üzündə iman mətanəti parlayırdı. Cəllad onu soyundurub, ayağından başlayaraq dərisini soymağa başladı. Şair yalnız alt dodağını dişi ilə sıxıb gülümsəyirdi... Mirzə Əbdülvahab bu qorxunc mənzərəyə tab gətirə bilməyərək, çığırıb bayıldı... Səsə yanında yatan arvadı dik atılıb sıçradı. Mirzə yataqdan kənarda palazın üstündə çapalayırdı. Arvad su gətirib, onu ayıltdı: – A kişi, nə xəbərdir? – deyə soruşdu. – Məni qara basmışdı. Arvad gülə-gülə: – Bozbaşın buxarındandır, a kişi. Sən bir də yatar qarına bozbaş yemə! – dedi. 1934 * * * Yüksəliş Səndələyə-səndələyə qapıya yanaşdı, sol əli şüursuz bir halda qalxıb qapını tıqqıldatdı. Səsə gələn olmadı. Gecənin yarısı idi. Qapı qarşısında qara kölgə təşkil edən adam qəribə bir qiyafəyə malik idi. Yuvarlaq kepkasından başlayan düzgün cizgi ənsəsində qırılır, lobba düşmüş mürəkkəb kimi, kənara qeyri-müntəzəm xətlər ayrılırdı, kürəyində yarımdairə şəkli alaraq aşağıya doğru enir və şalvarının arxasında yenə cizgi qırılıb, bir sıra didiklər əmələ gətirirdi. Ayağının uclarında və dizlərində də eyni cizgi qırıqları gözə çarpırdı... Qapı təkrar döyüldü, səs sükut içində uyuyan dalana düşüb, nərədə isə əkssədalar doğurdu. Kölgə yerində duraraq düşünür, lakin düşünüşü məntiqsiz və məqsədsiz idi. Gözlərinə görünən şeylər sabit bir şəklə malik deyildi. Bir də əyri çərçivəyə yerləşməyib, sallana qalan çatlaq qapı onun gözlərinə sataşır. “Qapı-qapı” – deyə gülümsəyir; bir dəqiqə sonra həm qapı, həm də qapı ətrafında dolaşan düşüncə qaib olub gedirdi. Davamının çoxmu, azmı sürdüyünü bilmədiyi bir boşluq onu bürüyürdü. Sol əli yenə şüursuz bir halda qapını döyməyə davam edirdi... Qapıya söylənə-söylənə bir qadın gəldi. Açdı. Səndələyərək içəri soxulan kölgəni gördükdə: – Allahın bir ucuz ölümü yoxdur ki, ölüm qurtarım, – deyə şikayətləndi. Qadın qapını bağlayıb, xırda həyətlə deyinə-deyinə geri döndükdə qulağına bir tappıltı gəldi. – Bu oğul olmadı, dərdi-sər oldu, – deyə özünü otaq qapısına yetirdi. Oğlu ilişib yıxılmışdı. Qadın onun qolundan yapışaraq: – iftadə, – dedi, – bir dibli mənim də, balalarının da başını kəs qurtar. Belə biabırçılıq olmaz. İçməyin də bir təhəri var. Hər gecə kefli, balalarıyın ruzusu araqda... Qadın hirsindən ağladı və göz yaşı axıdaraq iftadəni sürüyüb otağa saldı. Xırda neft lampasının xodu aşağı çəkilmişdi. Döşəmənin üstündə kirli bir yorğan altında üç uşaq büzüşüb yatmışdı. Pəncərədə bir-iki qab, bir xırda bişmiş maşını var idi. Küncdə bir vedrə, onun yanında xırda bir döşək salınmış, baş tərəfinə də kirli bir boğça qoyulmuşdu... Otağın bütün təfrişatı bundan ibarət idi... Qadın uşaqların yanına uzanarkən hələ də söylənirdi: – Arvadın yaxşı elədi, qaçıb canını qurtardı... Belə olsa mən niyə qalım... Canım cəhənnəm!.. Arvad döşəmənin üzərində paltarını çıxarmadan sərilən oğluna hiddətlə baxıb ağladı... Gözlərinə yuxu gəlmirdi, həp oğlunun dərdini, ailənin dağılmasını, çocuqların ac qalmasını düşünürdü... Gecə keçir, yorğan altında ayaqları bir-birinə dolaşan çocuqlar inildəyərək çevrikirlər. iftadə xoruldayır və bu xorultu gecənin sükutunda arvadın qulağına çataraq əcaib sədalar doğururdu... Sanki tənha bir küçədə kimsəsiz, yetim bir çocuğu boğurdular, iniltisi ətrafa yayılaraq qeyb olur, əvəzində başqa bir fəğan doğurdu... Ana qəlbi sızlayaraq göz yaşları saçırdı... Çocuqlar yenə bir-birinə toxunaraq çevrikir, inildəyir, İftadə yenə xorultusu ilə qadının yuxusunu zəhərləyirdi. iftadə səhər tezdən oyandı. Başında bir ağırlıq duydu. Gözlərini ovcalayaraq bir yorğan altında yerləşən çocuqları və öz anasını süzdü: çocuqlardan birisi yataqdan sürüşüb, döşəmənin üzərinə düşmüşdü, o birisinin ayaqları yorğanın dışarısında qalmışdı... Çəlimsiz, bənizləri qaçıq çocuqlar ona ölü kimi göründülər. Onda bir əzab hissi oyandı, bir anlığa ürəyini sızladıb, yox oldu... Susuzluğu var idi. “Bir stəkan pivə olaydı”, – deyə başından keçirdi, Nəşəsi alovlandı. Boğazının qurumasını hiss etdi. Pivə nəşəsi daha da artdı. Yerindən sıçrayıb qalxdı. Bir dəqiqə sonra küçədə idi. Dalğın bir halda ciblərini yoxlayır, tənbəl-tənbəl yürüyür, təkrar yoxlayırdı. Pul və papirosun olmamasına inana bilmirdi. Bir uzaq tanışına rast gəldi. Gülümsünərək ona yanaşdı. Əvvəl bir söz demədi, əllərini bir-birinə sürtdü, tabe bir hal aldı. Sonra ansızın: – iki manat pulun varmı, mənə verəsən? – dedi və gülümsünməsində davam etdi. Tanış cavab vermədən əlini qoltuq cibinə uzatdı, yan tərəfə baxaraq bir üçlük çıxardı. iftadənin əlləri qeyri-şüuri bir halda yuxarı qalxıb üçlüyü qapdı. Özünü böyük bir sevinclə pivə klubəsinə yetirdi. Pivə stəkana süzülüb köpükləndikcə ürəyi yarpaq kimi əsirdi. Titrək əli ilə stəkanı başına çəkib bitirdi, dodaqlarına ilişmiş köpüyü zövqlə əmdi. İndi papiros nəşəsi ona rahatlıq vermirdi. Lakin papiros tapmaq içki qədər çətin deyil idi. Oradakılardan birinə yönələrək aldı. Tüstünü acgözlüklə udaraq, yoluna davam etdi. İftadə mətbəə əməkçisi idi. Təshihə baxar və arabir şer də yazardı. Vaxtilə gənc şairlər arasında müəyyən bir mövqeyi də vardı. Lakin get-getdə içkiyə alışaraq düşür və ədəbiyyat sahəsindən uzaqlaşırdı. Bir aralıq belə tamamilə unuduldu. Yazıçılar qurultayı ərəfəsində əski və yeni yazıçılar aranılıb yoxlanırkən İftadə də yada düşdü. Bir axşam İftadə evə erkən dönmüşdü. O, xəstələnmiş kiçik çocuğunun yatağı yanında oturub fikrə dalmışdı. Çocuq qızdırma içində yanırdı. Hərdən gözlərini açıb, atasının üzünə baxır, sanki “Anamı istəyirəm”, – deyə onu töhmətləndirirdi. İftadənin anası yenə deyinirdi: – İşıq pulu vermədik, kəsdilər, evdə dişə dəyər bir şey yoxdur... Amma arağa pul tapılır... Uşaq azarlı, özü ac, indi ona nə verim?.. Kaş Allah məni öldürəydi, bu günləri görməyəydim... Qadın bu sözlərdən sonra adəta ağlar və gözlərini yaylığının ucu ilə silərdi. Bu dəfə başını divara söykəyib, gözlərini yumdu, yaş damlaları rəngsiz yanaqları aşağı axmağa başladı. Qapı tıqqıldadı. Otağa saç və bığları ağarmış bir adam girdi. Kefli olduğu süstlüyündən bəlli idi. Mehriban bir səslə salam verdi, qadının və çocuqların kefini sordu. Qadın gözlərini açıb təkrar yumdu və aldığı vəziyyəti heç də dəyişmədi, bəlkə bir az da darıldığını göstərdi. İftadə tələsməyərək ayağa qalxıb gələn adamla görüşdü və onu döşəmədə salınmış döşəkçənin üzərinə dəvət etdi. Oturdular; ikisinin də susması və bir-birinə qarşı artıq nəzakət göstərməməsi onların tez tez görüşmələrini isbat edirdi. Qonaq yavaş səslə: – Çocuq, deyəsən, naxoşdur? – dedi. İftadə bir az dərdli kimi: – İki üç gündən bəri kefi yoxdur, – dedi. Qonaq: – Yaxşı olar, – deyə gülümsədi, – nə olacaq ki?.. Mənimkilər də yatıb durur, heç xəbərim belə olmur... Bu bir məsələ deyil, de görüm, arağın varmı? İftadə: – Sən öl, yoxdur, – dedi. – Gündüz bir az tapıb içdim. Heç kar da görmədi. Qonaq gülümsədi və laübalı bir halda İftadənin dizini çimdiklədi. Sonra nə düşündüsə, soyunmağa başladı. Palto, pencək və üst köynəyini çıxartdı, bunların altında kirli bir fufayka var idi, onu da çıxarıb ayrı qoydu. Sonra geyindi və fufaykanı bir qəzetəyə büküb çıxdı. Qonağın getməsi evdəkilərə heç bir təsir bağışlamadı: hər kəs öz yerində, əvvəlki vəziyyətində qaldı. Yalnız böyük çocuq ortancılısının üzünə baxıb gülümsədi. Bu gülümsəmə uzun müddət davam etmədi: çocuq tutuldu və gözləri yenicə örtülmüş qapıya sataşaraq qəmləndi və get-gedə acıqlı bir tövr aldı... Çox çəkmədən qonaq geri döndü. Yavaşca gəlib əvvəlki yerində oturdu. Paltosunun cibini göstərərək İftadənin qulağına bir şeylər pıçıldadı. İftadə heç bir meyl göstərmədi. Qonaq gülümsədi və cibindən bir şüşə araq və kağaza bükülü bir az kələm çıxartdı. İftadənin nəzəri anasının kədərli üzündə dolaşıb, geri döndü. – Fufaykanı bu tezliklə kimə satdın? – Allah yetirdi. İftadə yerindən qalxıb, pəncərədən iki fincan alıb gəldi. Araq ehmallıqla fincanlara tökülüb içildi. Kələmi də yedilər. Kələm kağızı ilə ağızlarını silib heç bir şey olmamış kimi, yerlərində oturmağa davam etdilər. Çocuğun iniltisi sükutu pozdu. Qadın dik atılaraq ayıldı. Qonağı görcək üzünü ikrahla qırışdırdı və bir an özünü itirib, sonra inildəyən çocuğun üzərinə əyildi. Quru dodaqları ilə onun alovlu yanaqlarını və alnını oxşadı. Gözündən qopan odlu bir damcı çocuğun üzünə düşüb, onu diksindirdi. Çocuq qızarmış gözlərini çevirib, nənəsinin yaşlı gözlərinə baxdı, əvvəl bir şey dərk etməyən kimi dondu, sonra duyduğu acılardan dodaqları büzüldü, üzünün hər bir ifadəsi qorxu ilə doldu... Yenə qapı tıqqıldandı. İftadə: – Kimdir? – deyə yerindən qımıldanmadan soruşdu. Buna cavab olaraq qapı təkrar tıqqıldandı. Yad adam olduğu bəlli idi. İftadə qalxıb qapıya çıxdı. – Buyurun! Buyurun! – deyə kimi isə qarşıladı. İçəri gözəl geyimli şən çöhrəli bir gənc girdi. Sandalya adına heç bir şeyə təsadüf etmədiyi üçün gedib pəncərədə oturdu. İftadə: – Tahir Muxtar, nə əcəb? – dedi. – Firqənin 1932-ci il aprel qərarını bilirsiniz. İndi ədib və şairləri yoxlayırıq, görək bu qərardan sonra nə yazmışlar. İftadə şən və utancaq simasını yerə dikib bir cavab vermədi, əvvəlki qonaq səssizcə otağı tərk etdi. İftadənin anası isə sanki Tahir Muxtarın buraya gəlməsindən ümidlənərək gözlərini onun üzünə zillədi, Tahir Muxtar qapını göstərərək: – Bu gedən kim idi? – deyə sordu. Hacı Vəlinin oğlu deyilmi, Tazapirdə böyük mülkləri var idi? İftadə yavaş səslə: – Odur. Tahir Muxtar ciddi və qəti: – İftadə, – dedi, – bağışlayın, mənim sizin daxili işlərinizə qarışmağa haqqım yoxdur. Amma bu dəfə qarışacağam. Deməliyəm ki, o, sizin yoldaşınız deyildir. O, əyyaş bir adamdır. Əyyaşlığının da səbəbi bəlli: mülkü, malı əlindən getmiş, əməyə alışmamış, ölən bir sinfin nümayəndəsi olaraq, yeni quruluşa qarşı göz yummaq üçün içir, məst olur. Bu təbiidir. Sənin ona qoşulman, – bağışla, içdiyini bilirik və içmən heç də təbii deyildir. Sən əməkçi bir ailədə doğuldun və həmişə də əməkçi olmusan... İftadə onun sözlərini təsdiq edərək başını tərpədir, anası da təsvibkar bir ifadə ilə gənci dinləyirdi. Tahir Muxtar sözlərinə davam edirdi: – Mən buraya rəsmi olaraq şura yazıçılar cəmiyyəti tərəfindən gəlmişəm. Qəti olaraq deyirəm, İftadə, bundan sonra bir daha içməyəcəksən, vəssəlam! İftadənin anası yerində qurcalandı, əvvəl titrək, sonra get-gedə aydın və mətin bir səslə dedi: – Sənə qurban olum, ay oğul, kaş bir az qabaqca gələydin.. Xəbərin yoxdur, ölüb qurtarmışam. Evin bütün şeyini satıb içkiyə verib, qazandığından bir qəpik görmürük, arvadı qoyub qaçıb, bir sürü uşaq üstümə tökülüb. Allah ömrünü uzun eləsin, sənin kimi bir Allah bəndəsi uşağın ikisini bağçaya qoyub... Da bundan artıq adama nə yaxşılıq edərlər. Amma bağçaya getməyə də paltar, ayaqqabı lazımdırmı? Evə gələndə yemək lazımdırmı? Qadın dərdlərini uzun-uzadı söylədi və nəhayət, mətin səsi təkrar titrədi, müəəssir bir surətdə ağlayaraq: – Oğul, dost-düşmən yoxdurmu? – deyə sözlərini qurtardı. Dəhşətli bir sükut otağı qapladı. Xəstə çocuq belə, bir an iniltisini kəsib susdu. Tahir Muxtar: – İftadə, – dedi, – sən bu gün düşmüş də olsan, incə hisslərin hamısı səndə ölməmişdir zənnindəyəm. Sən bu faciəyə qarşı necə laqeyd qala bilirsən? Büsbütün məhv olduğuna inana bilmirəm. İftadə yenə başını tərpədir və bütün söylənənləri təsdiq edirdi. Tahir Muxtar: – Sən bir daha içməyəcəyinə dair mənə söz ver! – dedi. İftadə məcbur bir halda yerindən qalxıb təkrar oturdu. Anası onun tərəddüdünü duyar kimi: – Oğul, bu yazıq körpələrin xatirəsi üçün tövbə elə, nə olar. “Yoldan çıxmaq eyib deyil, yola gəlməmək eyibdir...” Ver, kişi zəhmət çəkib gəlib, söz ver... Bundan sonra da gözləri sənin üstündə olar. İftadə titrək səslə: – Verirəm! – dedi və üzündə bir qəribə ifadə göründü. – Bax, verdiyin sözu unutma! Sabah cəmiyyətə gəl, bu sərsəri qiyafəsini dəyişməlidir... İftadə mülayim bir halda Tahir Muxtarın üzünə baxırdı. Tahir Muxtar sözlərinə davam edərək: – Gələrsən, cəmiyyət sənə paltar alar... İşin az isə yenə iş taparıq. Hər şey düzələr, ancaq verdiyin sözə vəfa edəcəksən! – Edərəm, vallah, edərəm! Tahir Muxtar: – Hələlik bu, – deyə qalxdı. Qadın ayağa qalxıb, oğlunu ona tapşırdı, ağlayaraq yalvardı. Tahir Muxtar gülərək: – Ana, söz verib, düzələcək. Sonralar düzələnə qədər kağız yazarıq, onun maaşını sən alarsan. Qadının sevinci bir daha artdı: – Allah səndən razı olsun! – deyə təşəkkürlər etdi, oğlunu təkrar tapşırdı, təkrar yalvarıb ağladı... Üç gün sonra İftadə Tahir Muxtarla bərabər küçə ilə gedirdi. İftadənin qiyafəsi tamamilə dəyişilmişdi: paltarı, şapkası və ayaqqabısı tamamilə təzə idi. Kommunist küçəsindəki yeni bağçaya girdilər. Ətrafı çiçəkli gözəl səkilərlə qalxaraq Tahir Muxtar: – İftadə, – dedi, – bir ətrafa bax: hər yer yenidən tikilir, bəzənir, gözəlləşir; hər addımda yeni adamlara, yeni mütəxəssislərə rast gəlirsən; konkanı tramvay, at və öküz arabalarını avtomobil əvəz etmiş... Hər yerdə yeni bir həyat duyulur... Sənin bu böyük dövrdə məst olmağa haqqın var idimi?.. İftadə etiraz edərək: – Doğrudan, yox idi... Bilirsiniz, pis yoldaş adamı yoldan sapdırarmış. Pis mühitə düşmüşdüm... – Bundan sonra o piyalə yoldaşlarından uzaq gəz... Evinə gəlsələr, qov!.. Utanmadan qov!.. Bağçadan çıxıb, sağ tərəfə, Azərnəşrə döndülər. Möhtəşəm binanın gözəl və təmiz pilləkəni ilə yuxarı çıxarkən Tahir Muxtar dedi: – Mətbəədəki işindən qurtarandan sonra bura üçün çalışarsan. Burada iş çoxdur. Bu il yalnız bədii şöbə min iki yüz çap listəsi buraxmalıdır. İnqilabdan əvvəl Azərbaycanda təb olunan bütün kitabları toplasan bu qədər olmaz. Halbuki Azərnəşrdə bir çox şöbə var. Nəticədə minlərcə çap listəsi nəşr olunmalıdır. Gələn il bu çap listəsinin miqdarı iki qat artacaq. Çünki bütün ölkə savadlanmış, bizdən bilginin hər bir sahəsinə dair kitab tələb edir. Şura ziyalısının vəzifəsi böyük və məsuldur... Sən də içkiyə dalıb sıradan çıxmaq istəyirsən, – deyəTahir Muxtar gülümsədi. İftadə utandı, udqundu və titrək səslə: Tahir Muxtar, o acı dəqiqələri yadıma salma, doğrudan utanıram... Bədii şöbəyə gəldilər. Hər kəs İftadənin yenidən meydana çıxmasını təbrik etdi. Ona iş verdilər, getdi. Bir müddət İftadə ayıq olaraq çalışdı. Evinə yavaş-yavaş zəruri şeylər də almağa başladı. Bir axşam yenə onda bir nəşə oyandı, içki üçün ürəyi çır-çır çırpındı. Ağılumulmaz bir vəziyyətdə evdən çıxdı. İşıqlı küçələr sankı dumanlara dalmışdı, onun içərisində söndürülməsini tələb edən bir atəş yanırdı. Nədənsə ruhu düşkün, vücudu xəstə kimi idi. İlk pivə klubəsi onda bir fərəh oyatdı, lakin oraya yanaşmağa cəsarət etmədi. Bir qüvvə onu oraya çəkirdisə də bir ayrısı da oradan uzaqlaşdırmağa çalışırdı. İlk təhlükəni adladı. Həm sevinir, həm də kədərlənirdi... Yoluna davam etdi – dənizə doğru gedirdi. Bir sıra səs-küylü pivəxanaları da eyni iztirab və dərin mübarizə ilə adladı. Artıq yeni bulvarda idi. Yeni əkilmiş cavan ağaclar və çiçəklər arasında düzülən ağ yeni iskəmlələr ilk addımında ona təzim edən kimi göründü. Sevindi. Sonra bu sevinc qeyb olaraq anlaşılmaz bir iztirab yenə onu qapladı. İçindəki atəş yenə alovlanmağa başladı. Divanə kimi dolaşdı. Bir qüvvə onu yenə geriyə doğru çəkirdi. Qəmli gözləri ilə dənizi və göyü süzdü. Üfüqdən doğan ay səliqəsiz şalvar yamağını andırırdı; sönük ulduzlar qırılmış təsbeh kimi göyə dağılmışdı, bulud parçaları yunu çıxmış yırtıq döşəyə və yastıqlara bənzəyirdi... Nəzəri səndələyərək sol tərəfə axdı: mədən və zavodların işığı ot başlarına düşmüş şeh kimi parıldaşır, bütün şəhər lalə tarlası kimi yanır, yeni binalar əzəmət və dəbdəbə nümayiş etdirirdi... Şən bir təbəssüm onun üzünə yayılaraq gözlərini güldürdü. Ona bir yüngüllük gəldi. Özündə yalnız vahid bir qüvvənin hakim olduğunu duyaraq sevindi. Qəti bir səslə: – Yox! – dedi və sürətli addımlarla evinə, ailəsinə və işinə doğru getdi. 1935 * * * İstirahət günü Xırda bir işçi otağı. Maşınkanın üstündə iri qazan. Arvad paltar yuyur. Əri otura-dura ona kömək edib girib-çıxır, su gətirir, əlinə tökür, kirli su aparır. Arabir hayxırır, küncdəki qaba tüpürür. Bəzən çarpayının üstə yarı uzanır. Arvad sinirlənir, deyinir. Onu köməyə çağırır. Kişi istər-istəməz yerindən qalxır. Yenə köməyə qoşur. Vedrəni dışarı çıxardanda arvadı şikayətlənir: – Şüşə zavodu... Bir az artıq pul verirmiş... Bu da artıq pul: ciyərləri əldən getdi!.. İş davam edir. Kişi yenə gah uzanır, gah işləyir. Yeddi yaşlı Henrix çarpayının bir guşəsində oynayır. Gah çarpayının başlıqlarına dırmaşır – at-at oynamaq istəyir, çarpayını tərpətdikcə atası hiddətlənir, şişkin və saralmış üzü əzab saçır. Henrix bəzən döşəməyə enib, orada oynamaq istəyir; atasının taxta başmaqlarını geyib otağı dolaşır, qazanın qapağına dolaşır, yuyulmuş paltarlara toxunur... Anası hiddətlənir, onun qolundan tutub itələyir. Henrix ağlayır. Onun səsi atasını daha da sinirləndirir. Yataqdan qalxır, öksürüb, küncdəki qaba tüpürür. Geri döndükdə qadını yuyulmuş paltarları ona göstərir. O, istər-istəməz paltarları götürüb, otağın ortasındakı şəlitdən asmağa başlayır. Henrix yerindən qalxır, bu da paltar asmaq istəyir. Atası hiddətlənib, yenə onu itələyir. Henrix yenidən ağlayır. Anası işdən əl çəkib, kədərlə ona yanaşır, onu qucağına alıb, bağrına basır. Öpüb ağlayır: – Mən bilirəm ki, sənə oynamaq üçün gen yer lazımdır. Nə edim, yoxsulluq!.. * * * Almaniyada işçinin adi günü davam edir. Sabah qaranlıq bir çarpayıdan iki baş qalxır: qadın cəld durub geyinir, işığı yandırır, qəhvədanı maşınkanın üstünə qoyur, çörək doğrayıb, masanı yığışdırır. Qurumuş camaşırları şəlitdən yığır. Təkrar yuxuya getmiş kişini durğuzur. Kişi başını təkrar qaldırıb, yenə yasdığa söykəyir. Əsnəyir, öskürür, döşəmənin üstündəki qaba tüpürür. Qadın fincanları masanın üstünə düzərək, ərini səsləyir. Kişi istər-istəməz qalxıb, yataqda oturur. Yenə əsnəyib, öskürür. Ərinərək qalxıb geyinir. Üzlərini yuyurlar. Sonra quru çörəklə qəhvə içirlər. Henrix dadlı-dadlı uyuyur. İşə hazırlanırlar. Birər parça çörək götürüb, kağıza bükürlər. Ana bir fincana qəhvə töküb, ağzına nəlbəki çevirir, yanına bir-iki parça çörək qoyur. Henrixə baxıb, ah çəkir, yeriyib onu öpür və ayağının ucunda yürüyərək çırağı keçirib, çıxırlar. Yağmurlu hava. Küçədə hələ işıq yanır. Yalnız zibil avtoları evlərin qabağına düzülmüş zibil qutularını avtolara doldurur. İşçi qafiləsi bir istiqamət tutaraq gedir. Mağazalar bağlı, yalnız pivə dükanları açıqdır. Oraya işçilər girib çıxır. Henrixin ata-anası da aralanıb, hərəsi bir zavoda girir. Henrix yuxudan ayılıb yatağında qurcuxur. Yarıişıq otağın pəncərəsinə yağış döyür. Henrix maraqla baxır. Əsnəyib, gərnəşir. Nəşə ilə əlini yasdığının altına salıb, bir kağız quş çıxarır. Barmağının üstünə qoyub uçurur. Bir müddət belə əylənir. Sonra quşu yasdığın altına qoyub, yataqdan cəld sıçrayır. Masadakı fincanın nəlbəkisini qaldırıb baxır. Bir az dadır, bir diş çörək alır. Sonra fincanı götürüb, yatağa tərəf gəldikdə ayağı ilişib yıxılır. Fincan sınır. Bir dəqiqəliyə döyükür. Sonra cəld geyinib, fincan sınıqlarını yığışdırıb, koridora çıxır. Bir az sonra dönür. Əski götürüb, döşəməyə tökülən qəhvəni silir. Əlüzünü yumağa başlayır. Yuyunub silinir. Masaya tərəf gəlir, bir diş çörək alıb çeynəyir. Görünür, yavan çörək bir o qədər də onu həvəsləndirmir. Düşünür. Qəhvədanı götürüb, masadakı fincana süzür içir. Ağzını burur. Durub komodun qutusundan qəndqabını çıxarır. Açır. Qənd olmadığını görüb, məyus olur. İçindəki ovuntunu fincana səpir. Çörəyini bu qəhvə ilə yeyib bitirir. 1936 * * * Vasvası O, Bakıda böyümüşdü, həm təhsilini orada bitirmiş, həm də qulluğu orada idi. İyirmi beş yaşa çatmış da, rayonlarımızı gəzməmişdi və qəza onun təsəvvüründə qızdırma, ilan və əqrəb yuvası kimi bir şey idi. Odur ki, o həmişə Bakıda qalmağı, Bakıda çalışmağı səfalı bir qəzadan belə üstün tuturdu. Bir gün onu maarif komissarlığına çağırdılar. Şöbə müdiri onu oturdub dedi: – Yoldaş Həmid, üç günlüyə Mirzə Davudluya gedib, oradakı məktəbimizi oxlamalısınız. Şöbə müdiri sözlərini bitirib, ona bir göstəriş vərəqəsi uzatdı və: – Gedin, kassadan iki yüz manat alın, sonra hesab verərsiniz – deyə əlavə etdi. Şöbə müdiri təklifini elə bir sürətlə etdi ki, Həmid ağzını açmağa belə imkan tapa bilmədi. Əvvəl ansızın olan təklifdən dondu, sonra yavaş-yavaş özünə gəldikdə, şöbə müdirinin başqa bir işlə məşğul olduğunu görüb, etiraza cəsarət etmədi. Düşüncəli bir halda ayağını sürüyərək kassaya yanaşdı, pulu alıb, evə döndü. Həmid həmişə evə tramvayla gələrdi, bu dəfə piyadə getdi. Yolda bulvara döndü. Alabəzək dona bürünmüş çiçəklər, may günəşində yıkanan dəniz, sanki həmişəkindən daha gözəl, daha füsunkar idi. “Mirzə Davudlu!” – deyə düşündü, köksünü ötürdü, ona elə gəldi ki, dənizdən ağcaqanad sürüsü qalxıb, ona hücum edir; kolların arasından şahmarlar, gürzələr baş çıxarıb, onu güdürlər... Həmidin tükləri ürpərdi, diksinərək hədəqədən çıxmış gözləri ilə ətrafını yoxladı... Həzin külək xırdaca camları və salxım sallamış yasəmənləri titrədirdi. Meydandan çocuqların şən səsləri eşidilirdi. Həmidə bir az mətanət gəldi: “Əh, nə olacaq – olacaq!” – deyə özünə təsəlli verdi. Lakin ifadəsindən ölümə gedən adamın qeydsizliyi duyuldu... Həmid maarif sahəsində işləyir və vəzifəsində olduqca intizampərvər idi. Ancaq... vasvası idi, gündə on dəfə əlini yuyar, ayda on beş kərə həkimə gedər və yanında bir dəstə resept və müayinə vərəqələri daşıyardı. Təbiidir ki, Həmid qəzaya qarşı bir sıra tədbirlər görməyə başladı. Çantasını kinə, bor turşusu, yod, marlı, pambıqla doldurdu və “dəruni təthir” üçün bir şüşə də araq aldı... Qatar axşam saat on birdə Mirzə Davudlu stansiyasına çatdı. Həmid əllərinə, üzünə və boynuna odekolon sürtüb, ehtiyatla platformaya endi. Yanı uşaqlı bir rus qadını durmuşdu; görünür, səfərdən adam gözləyirmiş. Həmid ona yanaşdı: – Bağışlayın, kəndin yolu haradandır? Qadın bir də boylanıb, vaqonları gözdən keçirdi, öz-özünə: “gəlmədi” – deyib, Həmidə tərəf yönəldi. – Biz də ora gedirik, istərsiniz bir yerdə gedək. Həmid şübhə ilə qadını süzüb, onun arxasınca yürüməyə başladı. Hava olduqca qaranlıq, kənd də uzaq idi. Həmid eniş-yoxuşla gedir, tez-tez ətrafına baxınırdı. Birdən enişdə parlaq bir şey gözünü qamaşdırdı. Qadın: – Biz düz gedəcəyik, siz oteli buradan soruşun! – deyib, uşaqla getdi. Həmid işığa yanaşdı. Bura qızıl çayxana imiş. Müşəmbə örtülü geniş masalar boş idi. Çayxana müdiri qapıda durub, ortayaşlı bir kişi ilə danışırdı. Həmid salam verib, oteli soruşdu, kişi salama laübalı bir halda cavab verib dedi: – Ay xoş gəlmisən bizim bu kəndistana! Canından bezmisənsə, dalımca gəl... Kişi yola düşdü, Həmid də cəsarətsiz addımlarla onu izlədi. Kolkos arasında Həmid duruxub, qorxa-qorxa ayaqlarının altına baxırdı. Kişi də durur və gülərək: – Canından bezmisənsə, gəl! – deyir. – Mehmanxanada yer olmasa, səni evimə aparacağam. Amma, heyf ki, arağım yoxdur, bu axşam hamısını içib qurtardım.Ta neyləyək, bağışla! Kəndin kənarına çıxıb, sola döndülər, bir yerdən işıq gəlirdi. Yaxınlaşıb geniş bir otağa girdilər. Kişi salam verib rusca: – Marfuşa, – dedi, – bu bizim qonağa bir yaxşı nömrə ver, miçətkəni də olsun. Dolğun vücudlu Marfuşa qəbz yazıb, otel pulunu aldıqdan sonra Həmidi nömrəyə gətirmək istədi. Həmidi təşyi edən kişi: – Bacıoğlu, salamat qal, sabah xəcalətindən çıxaram, nöqsana baxma, – deyib getdi. Marfuşa yeni ağardılmış nömrənin yatağını Həmidin yanında dəyişib, hər şeyi rahladı, getdi. Həmid qəza həyatına başlayırdı. Lakin bu başlanğıc təsəvvür etdiyi kimi dəhşətli deyildi. Səhər tezdən şirin yuxudan ayıldı. Koridordakı əlüzyuyan cingildəyirdi. Mərkəzdən gəlmiş işçilər yuyunurdular. Həmid də qalxıb yuyundu və böyük maraqla kəndə çıxdı. İlk intiba ona qəribə gəldi – qamışdan hörülüb üzünə sarı palçıq çəkilmiş köhnə komalarla bərabər, yeni binalar, sıra ilə düzülmüş kooperativlər də gözə çarpırdı. Kolxoz bazarını dolaşıb, Kürə doğru getdi. Kəndin ortasından keçən yeni küçə onu heyrətə saldı. O tay-bu tayda daş binalar, ortada da küçə boyu bağ və çiçəklik salınmışdı. Bu sarı çöl və sönük kənd yeni bir həyat yaşayırdı. Xəstəxana, aptek, məhkəmə, poçt, “Pambıq zərbəçisi” adlı qəzet, Leninin heykəli, yeni yaşayış evləri... bunların Hamısı ayrı-ayrı olaraq Həmidin gözünə çarpdıqca onu heyran edir və əndişə ilə xəyalına belə gətirmək istəmədiyi qəza məfhumu silinib gedirdi. Məktəbə getmək hələ tez idi. Çay içmək lazım idi. Bir aralıqdan asfalt səki ilə gedib, Kürün kənarına çıxdı. Burada üç tərəfi açıq, gözəl bir veranda yapılmışdı. Səkidən çıxıb, düzülmüş masalardan birinin arxasında yerləşdi. Hava hələ sərin idi. Günəş yüksək söyüdlərin arxasında gizlənmişdi. Boz rəngli Kür səssizcə axırdı. Həmid çay içir və fikrə dalırdı. Onun fikri bu qocaman çayın ətrafında dolaşırdı. Əsrlərcə boş-boşuna axmış bu çay qarşısında insan nə qədər acizlik göstərmiş. Onun böyük bir qüvvət olduğunu duymuşsa da, bu qüvvətə qarşı diz çökərək ona tapınmış... Lakin bu gün insan böyümüş, özünün Kürdən də qəvi olduğunu anlamış və Kürü öz əzəməti qarşısında əyildərək, xidmətinə alır. Ağacsız çöllər yaşıllanır, pambıq və taxıl tarlaları Kürü əmərək insan həyatının şən və zənginliyinə çalışır... Həmidin dodaqlarından doğan şirin bir təbəssüm düşüncəli gözlərinin ətrafında dolaşırdı... Həmid məktəbə gəldikdə hələ dərslər başlanmamışdı. Əlvan geyimli qız və oğlanlar həyətdə oynaşırdılar. Müdir Həmidi kabinəsində qəbul etdi. Müəllimlər toplandı. Məktəb kimi müəllimlər də gənc və yeni idi. Bunların bəzisi Həmidə tanış çıxdı; Bakıda bir yerdə oxumuşdular. İşə başlamadan əvvəl keçmiş müştərək həyatlarını xatırlayıb, danışdılar... Həmid artıq rayona alışdı. Üç gün deyil, bir il də qalsa idi, darıxmazdı. Lakin tapşırıq yerinə yetirilib, nəticəsi üç günə kimi maarif komissarına bildirilməli idi. Həmid intizampərvər bir işçi kimi, işini vaxtında bitirib yola düşdü. Vaqonda sakvoyajını, nə axtarırdısa, açdı və rayona qarşı səfərbərlik halına saldığı əczaların əl dəyməmiş bir halda unudulduğunu duyub, qəhqəhə ilə güldü. 1936 * * * Beş dəqiqə I Həkimin odasına girəndə Mirzə Mahmudun rəngi qaçdı: onun üçün ömrün olub-olmamağı qət olunacaq idi. Həkim çeşməyin üstdən Mirzə Mahmuda baxıb dedi: – Soyununuz! Və sonra yavaşca fıştırıq çala-çala kürsünün üstə əyləşdi: Həkim dedi: – Bir az irəli durun, işığa yönəlin. Belə... yaxşı, geyinin! Yara neçə vaxtdır əmələ gəlib? – Bir həftədir... Doktor, qorxuram... Doktor Mirzə Mahmudun sözlərini kəsdi: – Qorxmaq lazım deyil. Qulaq asın. Böyük ehtimal var ki, siflis tutmusunuz. Bu gün qanınızı müayinəyə apararsınız, nəticə nə olsa sabah mənə bildirərsiniz. Mirzə Mahmudu qan-tər bürüdü; ixtiyarsız kürsünün üstə düşdü. Otaq başladı gözünün qabağından itməyə. Bir dəqiqəliyə ömür və dünya onun üçün bilmərrə ləzzətini itirdi. – Deməli, mənim üçün səadət əbədilik olaraq mövt oldu. Axırım yetişdi! Həkim məşğul adamlara məxsus bir cəldliklə ayağa qalxdı: – Sabah tezdən gələrsiniz, – dedi. II Bədən bahar günəşinin şüalarından həllənirdi, ləzzət çəkirdi. Ağacların ilk nəfis yarpaqları, yaşayış dirildən yel, təbiət sabahının lətif qoxusu küçədən ötüb keçən adamları belə yüngülləşdirmişdi ki, hamı quş kimi səkirdi. Üzlərdə min fərəh, gözlərdə min ümid! Səliqə ilə geyinmiş qızlar ceyran sürüsü kimi baş alıb gedirdilər. Zərif yerişlər, ədalı hərəkətlər, nazlı baxışlar qəlb evini viranəzarə döndərirdilər. Qəribə hisslər duyulurdu: qəmli-dadlı, dadlı-sərli... Acı bir sancı Mahmudun ürəyinə doldu: – Nə əzəmətlidir həyat, – dedi. – Bu əzəmət içində mən yoxam. Məndən kənar ləzzət çeşmələri bol-bol axmaqda; yaşayış dövran sürmədə; səadət şüadar olmada. Mən də boynu buruq və peşman bir halda şənliksiz guşədə durub, aləmin böyük həngaməsinə tamaşa edirəm. Ömür mənim üçün əziz idi. Yaşamaq istərdim. Ümidlər bəsləyirdim. Tufan qopdu, ümid çiçəklərimi sındırıb əzdi. Sevdiyim bağçam viranəyə döndü... İman etdiyim sənəmlər ağzı üstə çöndü. İndi mənim üçün nə qaldı? Acılıq! Dirilik vurdu acıya döndü... Əbədi acılaşdı... Mahmud getdi. Dünyadan əl üzmüş bir halda evə tərəf üz qoydu. İnana bilmirdi; o murdar adı özünə isnad verməyə cürət eləmirdi. Bəlkə adət eləməmişdi. “Mən azarlıyam” deyə özünə təkid etdi. Əzabın qara əlləri onun ürəyindən yapışıb, sıxıb üzməyə başladı. III Gecənin bir yarısı Mahmud yuxudan dik atıldı. Yorğanın altda, ilan vuran tək çəkişib, büzüşdü. Yumruğunu qovzayıb gücü gəldikcə çarpayıya çırpdı. “Əxlaqsız! İradəsiz!” dedi. Peşmanlıq onu götürdü. Deyindi, çırpındı, bu üzündən o üzünə döndü. İnanmamazlığa uğradı. O gecəni bilmərrə yadından çıxartmaq istədi... “Yox! – dedi. – O gecə yaddan çıxası deyil. O gecə cəmi ömrümün gözəlliyini, paklığını, səlamətliyini beş dəqiqəyə qurban verdim... fövt oldum!..”. Mahmud gözlərini açıb yatacaqdan qalxıb oturdu. Sinəsinə dərd layları dağlarca yığılmışdı, nəfəs almağa belə imkanı yox idi... Gözünə yuxu gəlmək istəmirdi. Mahmudun fikir və xəyalı yenə keçmişə qayıtdı. Min dəfə zehnində ehya elədiyi ittifaq yenə gözlərinin qabağına gəldi... O gecə evdə heç kəs yox idi. Mahmudun ağlını nəfs pərdəsi bürüdü. Durub mətbəxə getdi... Qulluqçunun yanına girdi... Mahmud, kəndin təmiz havasında böyümüş Mahmud bəkrini itirdi və əvəzində şədid yadigar aldı... Mahmud çarpayıdan aşağı düşdü. Bir neçə dəqiqə dayandı. Huşu başına gəldikdə qayıdıb, yatağında uzandı... Bir də əllərini qovzadı: istədi keçmişki həyatından o mənhus dəqiqələri qoparıb atsın... Çox şad olardı, o dəqiqələrdən qabaq onu ağır surətdə yaralaya idilər, döyə idilər... Niyə bir güllə pəncərədən gəlib dəymədi. Onda Mahmudun ağlı və ixtiyarı oyanardı, kor gözlü nəfsin arxasınca getməzdi. İndi iş-işdən keçib. Hər an, hər dəqiqə onun qulağına dərunindən uçulmaq sədası gəlir. Bir tərəfdən bədəni qırılıb tökülür, o biri tərəfdən əxlaqının binası. IV Bu axşam Mahmud dedikcə şad idi; kefi olduqca kök idi. Azar əsla yadına düşmürdü. Daha doğrusu, azarın olduğuna belə inana bilmirdi. “İki dəfə müayinə nəticəsi mənfi olub, – Mahmud öz-özünə yenə deyirdi, – bu dəfə də mənfi olacaq. Bu həqiqət həkimin imzası ilə isbat olunduqda qəm aləminə “əlvida” deyəcəyəm. Mən indiyədək yaşamamışam, zəlalətli bir ömür sürüb, gələcəyi gözləmişəm. Və həmişə şəxsi həyatıma, şəxsi taleimə üz döndərmək istədikdə cürətsizlik ixtiyarımı qırıb, meylimi yox eləyib. Bu günlər çəkdiyim əzab və qorxu cürətsizliyimi puç etdi və məni şəxsi həyatım üçün səadət binası qurmağa vadar etdi. Evlənmək lazımdır, övladlar bəsləməlidir. Ömrümün yarısını subaylığa verdiyim daha bəsdir!!.”. Mahmud dəruni aləminə qərq bir halda sol küçəyə döndü və davaxanaya yaxınlaşdıqda dönüb dala baxdı. Ətrafı dürüst nəzərdən keçirdi və tanış adam olmamağını görüb, cəld içəri daxil oldu. Tərs kimi burada Mirzə Mahmudun şagirdlərindən biri dava alırdı. Bunu görcək müəllim özünü itirdi. Utandı, “Yəqin, – öz-özünə deyindi, – şagird mənim azarlı olmağımı duyacaq”. İncəvara, şagird ol dəqiqə davanı alıb çıxdı. Mirzə Mahmud bət-bənizi qaçmış bir halda qəbzi xanıma uzatdı və bir dəqiqədən sonra “nameyi-əmalı” əlinə aldı. Diriliyini itirmiş gözləri qırmızı hərflərlə yazılmış sətri oxudu: “Vasserman müayinəsi müsbət nəticəlidir”. Bu sətirdən aşağı beş yerdə qırmızı xaç çəkilmişdi. Mirzə Mahmud bu sətrin və xaçların nədən ibarət olduğunu düşündü. Lakin artıq məyus olmadı. İndiyədək naməlum halı bir qədər mətanətli şəkil aldı. – Azarım aşkar oldu, – dedi. – Nə etməli, müalicə lazımdır. V Həmişəki kimi məktəbin həyətinə girdikdə uşaqlar Mirzə Mahmudun yanına yüyürüşdülər. Kimi çiçək dəstəsi gətirmişdi. Mirzə Mahmud qəmli bir sima ilə çiçəkləri aldı və cəhd elədi ki, əli uşaqlara toxunmasın. Balalar müəllimdə zühur edən təğyiri düşündülər və hamısının üzündə məyusluq əsəri göründü. Həmişə Mirzə uşaqların başını sığallardı, balaca əllərini əlinə alıb xoş sözlərlə onları dindirərdi. Bu səfər uşaqlar müəllimləri tərəfindən soyuqluq gördülər. Mirzə Mahmud qorxurdu ki, azar özgələrə də sirayət edər. Və bu dərddən qabaqkı rəftar və qaydalarını bilmərrə tərk edib, insanlarla qəti-əlaqə elədi. Həmişə gözlərinə cənnət guşəsi kimi görünən məktəb indi cəhənnəm olub, onu yaqıb yandırırdı. Mirzə Mahmud balaları artıqlıqca sevərdi və özünə söz vermişdi ki, cəmi ömrünü balaların tərbiyə və təliminə sərf eləsin. Bunun üçün də qət eləmişdi ki, şəxsi həyatından əl çəkib, pak əxlaq, xoş rəftar və ədəbli hərəkəti ilə balalara örnək olsun... Sözündə sabit qala bildimi? – Əlbəttə yox. Beş dəqiqəlik bir tufan pakı napak elədi. Mirzə Mahmudu da qəmləndirən bu paklıq idi: balalara təlim vermək kimi uca bir vəzifəyə napaklıq yaraşmırdı. VI Mirzə Mahmud gündəlik dəftərini götürüb yazdı: “Müalicə qaydası ilə gedir. Hər sabah həkim bədənimi iynələyir. Azarım əlacpəzir deyil. Amma yenə üç il müalicə etdirməlidir. Hədsiz pul, vaxt və zəhmət istəyir ki, müalicəni başa çıxardasan. Bunlar dursun kənarda. Ruhən və əxlaqən əziyyət çəkirəm. Murdaram, düşmə azarlıyam. Yemək qablarını ayrı tutmalıdır, ağzım dəyən yerlər azarlı olur. Yoldaş və dostlardan əlaqəni kəsmişəm, qorxuram yavuqluğumdan bədbəxtlik üz verə. Bəlaya düşüb, yandığım halda özgələrin bəlasına da zamin deyiləm. Qurd kimi xəlvətxanalara çəkilirəm. Xəstə olduğumu heç kəsə bildirmək istəmirəm. Çünki bildirsəm xalq qudurmuş itdən qaçan kimi məndən qaçacaq... Eyibli dərdə düşdüm. Səbəb nə idi? Özüm də bilmirəm... Çirkli, üfunətli, çirkin və əxlaqı pozğun bir qıza alçaq nəfsim yetdi. İndi alçaqlıq əcridir çəkirəm... İnana bilmirəm. İnana bilmirəm ki, həmişə ehtiyatlı Mahmud beş dəqiqənin qurbanı ola... Yanıram, tövbə və istiğfar eləyirəm, keçmişki paklığımı geri qaytara bilmirəm...”. VII Azarlılar növbə gözləyirdilər. Hərə şəxsi dərdinə çalışmada idi. Bət-bənizi qaçmış bir cavan əzabçəkici bir nəzərlə xəstələrə tamaşa edirdi. Ondan o yana bir tələbə oturmuşdu, qəzet oxuyurdu. Hərdən qiraətdən əl götürüb, gözlərini divarın bir nöqtəsinə dikib qalırdı. O yanda bir müsəlman papağını dizinin üstünə qoyub tez-tez saata baxıb əsnəyirdi. Ləzgi papaqlı bir ayrı müsəlman otaqda gəzinirdi. Bəzi arvad və uşaqlar var idi. Küncdə bir erməni bir ayrı erməniyə və müsəlmana dərdini söyləyirdi. Qılçasını göstərib, yeltutmadan və gecələr ağrısından gözlərini yummağa belə aman tapmadığını yanıqlı bir dillə nağıl eləyirdi. Mirzə Mahmud bir məmurla yan-yana oturub, fikir içində idi. Bu azarlıları başdan-başa nəzərdən keçirib qəmlənirdi, sıxılırdı. Gah vaxt onda yeni fikirlər zühur edirdi və bu fikirlərə meydan verə-verə gəlib təskinlik aləminə çıxırdı, müvəqqəti olsa da sakit olurdu. Dirilik Mirzə Mahmudun nəzərincə dörd pillədən ibarət idi. Əvvəlinci pillənin adı həvəs, ikincisinin – meyl, üçüncü – çatış, dördüncü – əzab. Həvəs, onun təsəvvürüncə, ləzzətli və ümidedici olur, meyl gözləri bağlayır və ağlı kəsərdən salır, çatış aldadır... sonra əzab başlanır. Həvəs, meyl və çatış belə fövri olur ki, insana yuxu kimi gəlir. Əzab isə baqi və sabitdir. Bu dörd pillə ilə insanı mərbut edən qəzadır. Odur ki, Mirzə Mahmudun rəyincə, heç kəs özünü qəza tələsindən təmin olunmuş sana bilməz. Çünki qəza quyudur. VIII Həkim qapını açıb, xəstələrdən birini içəri çağırdı. Hamı bir dəqiqəliyə tərpənişib, yenidən fikrə daldı. Zala on beş və ya on altı yaşında qırmızıyanaq bir cavan daxil oldu. Azarlılara baxıb bir az utandı, qızardı və kürsünü götürüb bir guşədə əyləşdi. Mirzə Mahmud bu cavana diqqətlə baxıb yeni fikirlərə meydan verməyə başladı: “Həyat ədalətli bir qanuna tabe deyil, – dedi, – hər şey qəzanın dərəbəyliyinə tapşırılıb. Biri min pis əməllər törədir, azara düçar olmur. O biri ilk qədəmində alova rast gəlmiş pərvanə kimi, qanadını yandırıb məyus bir halda yerə düşür. Bəli, biz bu otaqda əyləşənlər qanadı yanmışlarıq. Biz çatışdan sonra əzab çəkənlərik. Niyə qəzanın oxuna biz gəldik. Niyə küçələrdə, bağlarda hədsiz-hesabsız adamlar eyş-işrətə məşğul, deyib-gülürlər, gəzirlər, dirilikdən ləzzət aparırlar; biz isə bu napak havalı otaqda oturub, əzabımız üçün dərman gözləyirik?..”. IX Mahmud guya yuxudan ayıldı; halını aşkar bir surətdə təsəvvür etməyə başladı və özünü talesiz gördü. Yadına düşdü ki, o, səlamət uşaq atası ola bilməz, çünki azarlıdır. Beş il evlənə bilməz... Evlənmək dursun kənarda, bu azardan divanə olub çöllərə düşə bilər, falic olar... Qəm tüstüsü damağına çökdü. Durub otaqda o başbu başa gəzinməyə başladı. Min dəfələrlə hafizəsində ehya edən kimi, yenə o mənhusgecəni yad etdi. Tutduğu əməlinin səbəbini yenə təkrar özündən soruşmağa başladı. İnana bilmədi. Guya o gecəki hadisə bir ayrı yerdə və bir kənar şəxslə üz verib. Gözü görə-görə özünü uçuruma atmaq Mahmudun xasiyyətinə yaraşmırdı... Bir də durdu, fikirləşdi: ikicə kəlmə söz məni hifz edə bilərdi, fövt olmaqdan xilas edərdi. Bu iki kəlməni qız deməli idi. “Mən azarlıyam” cümləsi qulağıma çatsa idi, ağlım nəfs sərxoşluğundan ayılardı... Qız “iki kəlməni” söyləməmişdi; yalançı həya onun da insafını zəncirləmişdi. Bir də Mahmudun ağlına yetişdi ki, qulluqçunu çağırıb “iki kəlmə” barəsində ona sual versin. Guya bu sualdan sonra Mahmudun yaraları məlhəm tapacaq idi. Yeridi qapıya tərəf. Dayandı. Fikrini dəyişdi. X Qol və qılçaları açıq, səlamət və təmiz balalar bağda oynayırdılar. Qum və çınqıllardan yollar salırdılar. Tez-tez yüyürürdülər mürəbbilərinin yanına, müvəffəqiyyətlərini şad bir dillə nağıl eləyib, yenə işə məşğul olurdular. Kimi qum daşıyırdı, kimi at-at oynayırdı. İrilixırdalı hərənin başı bir oyuna qarışmış idi. Bunlar öz uşaqlıq aləmində belə asudə idilər, belə xoşbəxt idilər. Mirzə Mahmud skamyada oturub meydançada oynayan balalara tamaşa eləyirdi. Gül rəngli, lətif hərəkətli, pak aləmli çocuqlar onu düşündürürdü: “Pak balalar, – Mahmud öz-özünə deyirdi, – napaklar üçün aydın bir güzgüdür. Orada onların əxlaq düşgünlüyü görünür”. Mahmud hər balanın gərdişinə diqqət eləyirdi və hər yerdə öz dərdli halından savayı bir şey görmürdü. Balalar salamat idi. Mahmud yox; onlar şad və qeydsiz idi. Mahmud yox; onlar həm cismən, həm ruhən təmiz idilər, Mahmud cismən murdar, ruhən sıxılmış və əzilmiş idi. Gözəl ağacların kölgəsində, həyat səpən günəşin işığında ikicə aləm bir-biri ilə qabaq-qarşı durmuşdular. Birinin bağçasında cavan ağaclar çiçək açıb gözəl meyvələr hasil etməyi vəd edirdi. O birinin bağçasını şaxta vurmuşdu, yarpaqlar yanıb, şah budağa yapışmışdı... XI Mahmud bağdan tələsmiş bir halda qayıtdı. Papağını çıxardıb, çarpayının üstə atdı. Masanın yanına gəlib, qələmi əlinə götürdü, yazdı: “Dirilikdən ləzzət görmədim. Rahatlığa gedirəm. Mənim ölümümdə heç kəsi müqəssir tutmamalıdır”. Məlfufəni masanın üstünə qoyub durdu. Bu dəqiqələr Mirzə Mahmud üçün ən ağır, ən şədid dəqiqələr idi. Susuz bir biyabanda yol itirmiş kimi onun əlacı hər bir yerdən üzülmüşdü; ümidi diriliyin ətəyindən kəsilmişdi. Bu böyük müşküldən çıxmağa bir yol var idi, o da intihar. İntihar ona belə cazibəli, belə nicatverici görünürdü ki, qucağına sıçramağı bəxtəvərlik sanırdı. Çarpayının üstə oturub, tapancanı qovzadı. Lüləsini alnına dayadı. Bir dəqiqəliyə fikir onu götürdü. Bir də aram tapdı və tapancanı yastığının altına qoydu. Xatiri fövrən möhkəmləndi. Dəftərini götürüb yazdı: “İntihar acizlər üçün nicat yoludur. Günahın cəzası ölümdə yox, dirilikdədir. Bir dəfə günah elədim, min dəfə əzab çəkməliyəm – qəvi ruhlular şüarı belədir! Yaşamaq lazımdır və talesizliklə insanlara tale qapısı göstərməlidir”. * * * Üsuli-cədid Onun evi dağlıq məhəllədə arxası torpağa yamanmış ibtidai insanlar yurdunu andıran bir şeydir. Üst mərtəbədə iki xırda otaq (otaq demək caiz isə) və altda da bir otaq vardır. Özü birində yaşayır, ikisini də kirayəyə verir. Otaqları mənzil şəklinə salan kirayəçilərin özləri olmuşdur–yırtıq yerlərə taxta çalıb, üzərinə köhnə qəzetlər yapışdırmışlar. Buna baxmayaraq yel əsdikcə qəzetlər bir çox yerlərdən şişir, partlayır. Yağışın da ki, önünə sədd çəkmək qabil deyil – damdan keçir, tavandan və divarlardan süzələnir, köhnə ləkələrin hüdudunu bir az da genişləndirir. Ev sahibi Atamoğlan heç bir işin sahibi deyil – əski zaman çayxanalarda, məscid önündə vaxt keçirərdi; bir vaxt qoçuluğa qalxışaraq bir adam da öldürmüşdü. İndi Atamoğlan özünə bir peşə tapmışdır – iki otağı kirayə verər, bir ilin pulunu qabaqcadan alar və il tamam olanda kirayəçini cana doydurub qaçırdar və otaqları yenidən satar. Bu üsul vasitəsilə ildə üç min manata qədər əldə edər. Evin önündə bir təpəcik var. Atamoğlan bütün günü burada gəzişib düşünürdü: bir kirəçi ilə bacara bilmirdi; ili çoxdan tamam olmuşdusa da otaqdan çıxarmaq mümkün deyildi. Bütün fəndlər işlənmişdi – otağa ilan buraxılmışdı, qıfılı sındırıb yarılmışdı, taxta divarın çatlağından içəri 20 – 30 qurbağa salınmışdı... Daha nələr edilməmişdi?.. Kirəçi sitallığa salıb, otaqda qalır və normaya görə də aylıq verirdi. Atamoğlan təpəcikdə gəzişir, hələ bunu düşünürdü. Birdən dayandı, evə tərəf çönərək: – Yaxşıxanım! – deyə çağırdı. Evdən səs gəlmədi. Əlini gözlərinin üstə qoyub, diqqətlə baxdı, öz otağında kimsəni görmədi; kirəçi Əbdüləlinin anası otağının önündə kartof soyurdu. Atamoğlan bir də bacısı Yaxşıxanımı çağırdı və bir-iki söyüş də əlavə etdi. Otaqdan qarasifət, dolaşıq saçlı, pəjmürdə bir qadın çıxıb, sarsıntılı balkonda durdu. Atamoğlan bacısını görcək: – Yaxşıxanım, – dedi, – axır bu otağı bir ilin vədinə vermişdik; il də gəlib keçdi. Sözləri nədir? Yaxşıxanım iki aydan bəri bu sualı qardaşından eşidirdi; zatən hər günkü qovğa da bu sualla başlanırdı. Ona görə əvvəl duruxdu, sonra ağızucu olaraq: – Nə bilim, ilin keçdiyini bilmirlər? Üzlərinin həyası yox, zadı yox. Deyirsən qulaqlarının birindən alıb, o birinə salırlar. Görmürsən, qarınlarına zəhrimar qayırır. Elə bil bu sözlər buna deyilmir. – Ay onun qazanına... Axirətinə... Oğluna xörək hazırlayır... İndi qulluqdan gələcək, zəhrimarlanacaq... Atasının... Yaxşıxanım qardaşının sözlərini kəsərək: – Adına bax – Firəngiz bəyim!.. Ölünə dəysin, ad yiyəsi! Hələ bizləri də bəyənmir: “Siz dağlısınız!”, “Eşşəksiniz!”, “Biz dədəbabadan bəyik!”... Bay sizin bəy atanız mənim... yesin!.. Səslər get-gedə yüksəldi, söyüşlər artdı. İçəridən Atamoğlanın anası da çıxdı. Bu da bir tərəfdən qarğış və söyüşdən döşədi. Firəngiz bəyim bu hərəkətlərə alışmışdı; inciyirdisə də zahiri sakitliyini saxlayıb, əlindəki işinə davam edirdi. Ətrafdakılar ağız-ağıza verərək, kirəçinin şərəf və namusuna toxunan sözlərdən yağdırırdılar. Arabir milislə qorxudur, sonra qarğışa keçir, axırda ölümlə təhdid edirdilər. Firəngiz bəyim bircə cavab belə vermədən bişmişinə davam edirdi: bilirdi ki, dinsə döyəcəklər; bir neçə dəfə də döymüşdülər. Bunun laqeydliyi ev sahiblərini daha da coşdururdu: bunlar söyüşü bir qat daha artırırdılar... * * * Firəngiz bəyimin oğlu Cahangir qulluqdan qayıtdı. Qapıdan girərgirməz hər gün eşitdiyi föhşlərin yenə şahidi oldu. Şərəfinin əzildiyini duydusa da, əlacsız qaldığını nəzərə alaraq, sakit oldu. Çürük pillələri cəld çıxıb, özünü otağa salmağa çalışdı. Ev sahibləri bunu əhatə edərək, hamısı bir ağızla: – Hırrr! – deyə bağırışdılar. Cahangir əvvəl özünü itirdi, qan başına vurdu. Qəzəbli gözləri ilə bu tühaf hərəkətləri özlərinə peşə edən adamları süzdü – ana, oğul və qız dillərini çıxarıb: – Hırrr! – deyə səs-səsə vermişdilər. Bunların aldığı vəziyyət Afrika vəhşilərinin ibtidai rəqslərini andırırdı. Bu mənzərəni görən Cahangirin hiddətli üzü birdən şən bir təbəssümlə parladı, dodaqları açılaraq, şaqqırtılı bir qəhqəhə qopdu. Ev sahibləri bu qəhqəhədən daha da acıqlandılar – bu günün proqramını təkrar başdan başladılar: – Bişmiş qazanınıza!.. – Oğlun qanına bələnsin!.. – Adamın üzündə həya olar!.. – Bunlarda həya nə gəzir–ilin keçdiyini bilmək istəmirlər!.. – Dəli şeytan deyir vur öldür də, qəzəmətə get!.. – Sizi həzrətabbasa tapşırmışam!.. – Hırr!.. * * * Bu söyüşlər, qarğışlar, hədyanlar yağışı altında Cahangir anası ilə yeməklərini qurtardılar. Yarım saat davam edən hürüşməyə qarşı bir söz belə demədilər. Çay töküldü. Anası tutqun səslə Cahangirə dedi: – Cahangir, bala, doğrusu evdən bıqmışam. Başqa bir otaq yoxmu? Cahangir hər gün bu sualı anasından eşidir, hər gün də eyni cavabı verirdi. Qırx beşinci dəfə olaraq: – Ana, – dedi, – bilirsən ki, evə yazılmışam; alan kimi köçəcəyik... Firəngiz bəyim yenə: – Oğul, bunu bilirəm... ancaq vallah, cana doymuşam. Özümü bu dirəklərin birindən asmaq istəyirəm. Cahangir anasının üzünə baxdı və gözlərində parlayan yaşları görcək mütəəssir oldusa da, büruzə vermədi. Başını aşağı salaraq, düşüncələrə daldı: Bir neçə dəqiqə sürən sükutdan sonra başını təkrar qaldırdı, yavaş səslə: – Ana, – dedi, – bu adamlardan hər bir fənalıq baş verər – məni öldürə bilərlər, sənin namusuna sataşarlar. Otaq da hələ yoxdur... Bu hərəkətlərin önünü almaq üçün bircə çarə var... Firəngiz bəyim maraqla oğlunun üzünə baxdı. Cahangir ciddi səslə: – Qıza evlənməkdən başqa çarə yoxdur. Firəngiz bəyim əvvəl qulaqlarına inanmadı, heyrətli gözləri ilə oğlunu təkrar-təkrar süzdü və oğlunun dediyinin ciddiliyini duyaraq cavaba aciz qaldı. Nə acıqlandı, nə sevindi – donub qaldı. * * * Kamal Onun adı Kamal idi. Atası Nəcəf vaxtilə hörmətli bir adam olduğundan, evi həmişə yüksək təbəqənin adamları ilə: zadəgan və mülkədarlarla dolu olardı. Çəkilən kababın qatı tüstüsü buludlara qədər qalxar, sazın xoş sədası ətrafa yayılar, qəmli bülbülün səsinə qarışardı. Günlər beləcə bir-birinin ardınca keçdi, illər dolandı, ziyafət və zənginliyin, şöhrətpərəst dostluğun sonu gəlib çatdı. Nəcəf özünü tənha və dostları tərəfindən atılmış kimi hiss etdi. Ehtiyac onu tanış bir tacirin yanında işləməyə vadar etdi. O, əlli yaşında ikən on iki yaşlı bir qızcığazla evlənmişdi. Atası qızını Nəcəfə əvvəllər şan-şöhrət sahibi olduğu üçün zorla vermişdi. Nəcəf də evlənmişdi. Bu izdivacdan onun beş övladı dünyaya gəlmişdi. – Yox, heç nəyə görə mən təhsilimi yarımçıq qoymaram. N şəhərinin Realnı məktəbində oxuyan şagird belə deyirdi. Kamal daxmalarının çirkli pəncərəsinin qarşısında oturub, xəstə, əldən düşmüş atası və göz yaşları tökən cavan anasına tamaşa edirdi. Birdən qapı taybatay açıldı və günəşin şöləsi altında dilənçi kökündə olan, çirkli və ayaqyalın dörd uşaq göründü. Onların arıq və qaralmış üzlərində dəhşətli bir ifadə var idi. Onlar şikayət və kədər dolu baxışlarla valideynlərini süzüb, xəstənin yatağının yanında, torpaq döşəmədə əyləşdilər. Uzun sürən sükutdan sonra qoca gözlərini açdı, qalxıb balınca oxşar, çirkli bir şeyə dirsəkləndi və sakit, zəif səslə dilləndi: – Kamal! Mənim əziz oğlum. Sən bizim vəziyyətimizi görürsən. Görürsən ki, həyatın qəm-qüssə və dəhşətləri bizi əhatə edib. Mən naxoşam və sağalmağıma da ümid yoxdur. Ailə aclıq içindədir. Uşaqları yedirtmək, onlara əyin-baş almaq üçün pul yoxdur. Ailənin nicatı yalnız səndədir, mənim balam. – Tss..., – Kamal atasına nifrətlə baxaraq, dodağının altında deyindi. – Allaha şükür, – deyə qoca davam etdi, – sən artıq böyük oğlansan, ailəni özün dolandıra bilərsən. Sənin tayların artıq evləniblər və yaxşı pul qazanırlar. Ancaq sən bizim kasıbçılığımıza baxmayaraq, yenə də təhsilini davam etdirərsən... Rus dilindən tərcümə Leyla Məcidqızınındır. – Ata, ata! – deyə Kamal atasının sözünü kəsdi, – sən məni məhv etmək istəyirsən? İstəyirsən ki, təhsildən qalım, elm məbədini tərk edim? Yox! Ata, dedim ki, mən məktəbi atmaram. Təhsil mənə hər şey verəcək. – Ah! Ay oğul, – deyə ata sözə başladı, – sənin bu uşaq söhbətlərin mənim xəstə könlümü qırır. Sən özündən böyüyün və həyata səndən yaxşı bələd olan adamın sözlərinə qulaq asmaq istəmirsən. Mən xan zəmanəsində yaşamışam. Onda elmdən və şeytana uymuş şeylərdən əsər-əlamət belə yox idi. Onda xalq da şadxürrəm və qayğısız yaşayırdı. Ucuzluq hamıya xoşbəxtlik nəsib etmişdi. Biz nə xəstəlik bilirdik, nə ürək ağrısı, nə kafirləri tanıyırdıq, nə də onların allahsızlığa aparıb çıxaran kitablarını. Bir zamanlar gənclər müti idilər, onlar bilmədiklərini böyüklərdən öyrənirdilər. İndi isə, oğul, Allah insanları törətdikləri günahlara görə cəzalandırır. Hər yerdə xəstəlik, aclıq, əzab-əziyyət, göz yaşları hökm sürür. Çünki keçmiş adətlər sıradan çıxıb, müqəddəs yerlərə inam itib. Oğul, at bu məktəbi, Allahın qəzəbindən qurtul. Yenə də deyirəm, bizim dədə-babalarımız elmlə məşğul olmayıblar. Amma onlar acından ölməyiblər, sən də ölməzsən. Sən indi beşinci sinifdə oxuyursan və sözündən belə çıxır ki, sənin işləyib maaş almağına hələ yeddi il var. Gör sən bu qədər vaxta nə qədər pul qazanarsan, məşhur tacir, hörmətli bir kişi olarsan. Əgər sənin pulun olsa, hamı sənə hörmət edər, ən varlı və halal süd əmmiş bir qız alarsan... – Mən nə etdiyimi çox gözəl bildiyim halda, – deyə Kamal onun sözünü kəsdi, – bilmirəm bu söhbətlər kimə gərəkdir? Mən pul və ya hərbi geyim xatirinə oxumuram, çünki bunlara ehtiyacım yoxdur. Mən ətrafımızda baş verən hadisələri başa düşmək, daha çox savad qazanmaq istəyirəm. İnsanlara xidmət etmək, onların köməyinə çatmaq istəyirəm. Ata, bir də istəyirəm sənin kimilərə həyatı necə idarə etməyin yollarını öyrədim ki, qocalanda onlar çətinliklə və boş ciblərlə qarşılaşmasınlar. Mənim məqsədim və qarşıma qoyduğum vəzifə bundan ibarətdir. – Kəs, kəs! Bədbəxt ruh, – deyə ata titrəyə-titrəyə sözlərinə davam etdi, – gör məni etdiyim yaxşılıqlara, çəkdiyim qayğıya görə hansı sözlər qarşılayır. Ailəsinin səadəti qayğısına qalan və övladlarının toyunu arzulayan valideynlərə ar olsun. Evlənməyin axırı budur – cəhənnəm əzabı... Ah! Mən səfehəm... Nahaq öz qayğıma qalmadım, nahaq! O, bu sözləri deyib, ümidsiz halda gözlərini yumdu və yuxuya getmək istədi. Ancaq bunlar əbəs yerə idi. Ürək əzabları onu üzdü, qüssə duman kimi qəlbini sarıb, onu məhv etməyə çalışdı. O, soyuq məzarın sakitliyini səbirsizliklə gözləyirdi. Dünyanın dərdlərindən yalnız orada qurtulmaq fikrində idi. Üç gündən sonra Nəcəf öldü. O, bu unutqanlıqla əbədi sakitlik tapmışdı, ancaq səriştəsizliyi üzündən bütün ailəni başsız qoyduğundan xəbəri yox idi. Gec evləndiyindən Kamalı qayğılarla baş-başa qoymuşdu. Kamal düşüncəyə dalmış vəziyyətdə həmişəki yerində oturmuşdu. Atasının üstü örtüklə örtülmüş cənazəsi döşəmənin üzərinə qoyulmuşdu. Onun yan-yörəsində başı açıq qadınlar oturmuşdular. Qadınların rənglənmiş, qırmızıyaçalan saçları qarışıq vəziyyətdə idi. Cırmaqdan qanamış üzləri isə onlara vəhşi bir görkəm verirdi. Uşaqlar bir küncdə oturub ağlayır, dəqiqəbaşı qapı açılarkən dəstə-dəstə içəri girən səliqəsiz görkəmdə qadınları görəndə isə təəccüblənirdilər. Qadınların vəhşi çığırtıları, uşaqların ağlamaq səsləri, mollanın camaatı hüzr yerinə səsləyən səsi cəhənnəm mərəkəsini xatırladırdı. Kamal gözü ilə gördüyü dəhşətli mənzərəyə inanmaq istəmirdi. Onun gözləri yaşla doldu. Bu göz yaşlarının səbəbi atasının ölümü deyildi, çünki atası ona elm yolunda bir maneə idi. Kamalın göz yaşlarına səbəb nə isə başqa bir şey idi. O, ətrafdakıların avamlığını görüb, qəlbən dərd çəkirdi. Müsəlman qadınlarının kobudluğu, onların öz vəzifələrini bilməmələri, mövhumatçı olmaları Kamalı heyrətləndirmişdi. Onlar özlərini döyüb, sifətlərini cırıb qışqıranda o fikirləşirdi: “Öz rəzil ömrünü sürmüş bir adamı ağlamaq nəyə gərəkdir”. Ancaq Kamal səhv edirdi. Bizim qadınların xoşlandıqları bir şey varsa, o da başqalarını ağlamaqdır. Guya ki, göz yaşları tale tərəfindən sındırılmış ürəyə məlhəm olur, rəhmətə gedənin qəlbinin qüssəsini yüngülləşdirir. Bir neçə ay keçdi. Yay günlərindən biri idi. Kamal dərslərini bitirmişdi. O, kiçik bir dükanın qarşısında oturub kənddə yaşayan dostuna – Yubertə məktub yazırdı. Onun qara qaşlarının altından bir cüt düşüncəli və gözəl göz baxırdı. Onun tutqun və kədərli sifəti əvvəlcədən nə isə dəhşətli və cinayətkar bir hadisədən xəbər verirdi... O yazırdı, qələmi isə vərəqin üstündə cəld hərəkət edərək onun ürək sirlərini dostuna açırdı. O, məktubu bitirib, yazdıqlarını öz-özünə oxumağa başladı: Əziz dost! Qələmi əlimə alıb yazmaq niyyətindəyəm. Ancaq dəbdəbəli, xoşbəxt həyatdan yazmaq fikrində deyiləm. Bütün dediklərimi – kədərli anları xatırlayacağam. Axı həyatın dəhşətlərindən, göz yaşları və iztirablarından başqa nədən yazmaq olar? Məni əhatə edən yalnız bunlar deyilmi? Qüssənin dumanı ürəyimi sarıb, qəlbim həyəcan içində çırpınır və taleyin qisməti tərəfindən təhqir edildiyi üçün cismini tərk etmək istəyir... Ah! Mən niyə yaranmışam, niyə. Axı atam məni nə üçün şəxsi ləzzəti naminə bu darıxdırıcı və zəhlətökən həyatın acgöz qoynuna atıb? Mən qəlbimdə çırpınan ürəyimlə mübarizə aparıram: ya həyat, ya xilas olmaq, ya da ki, ölüm və ya dinclik. Əzizim! Mən həyatda yaşayarkən keçirdiyim həyəcan hisslərini hansı çalarlarla təsvir edim? Atam öldü. Onun ölümündən bir həftə sonra daxmamızın tavanı uçulub – dağıldı. Anam və dörd uşaq da rəhmətə getdilər. Onlar dünyanın zülmündən qurtuldular, qaldım mən. Gecəmi də, gündüzümü də doğma daxmamızın xarabalıqları içində keçirirəm və burada göz yaşları axıdıram. Ah! Yaşamaq da çətindir, ondan ayrılmaq da! Həyat məni qane etmir, o əzabvericidir. Çünki o, artıq göz yaşları və əzab tələb edir. Ancaq onunla vidalaşmağa da həvəs yoxdur: mən cavanam, bu həyatdan heç bir şey dadmamışam, qarşıma qoyduğum məqsədə də çatmamışam. Ancaq... ehtiyac özümə sui-qəsd etməyə vadar edir. Bu, həyatın iyrənc caynaqlarından qurtulmaq üçün ən sadə üsuldur. Nə təhsilimi davam etdirmək üçün bir qəpik pulu var, nə də ki, xeyriyyəçilər. Daha niyə özünü öldürməyəsən? Mənə kim kömək edəcək? “Yeni dünyagörüşümə” görə hamı mənə nifrət edir, rus məktəbində təhsil aldığım və “kafir paltarı” geyindiyim üçün heç kəsin məndən xoşu gəlmir. Bəli! Həyatla vidalaşmaq gərəkdir, əziz dost. Əlvida! Tale bizi gözlərimizdə yaş, qəlbimizdə kədər bir-birimizdən ayırır. Bir daha əlvida, əlvida, səni sevən dostunu unutma. Dost, bil ki, mən yalnız torpağın altında sakitlik tapacağam. Sənin dəyərli göz yaşların məzarımın üzərinə töküləcək və bu göz yaşlarını söyülmüş məzarımın üzərində bitən otlar öz canına çəkəcəkdir. Ah! İndidən ürəyim ağrayır. Hiss edirəm ki, bir daha görüşməyəcəyik. Sonuncu dəfə əlvida. Sənin Kamalın P.S. Əzizim! Sanki bütün ətrafımdakılar məni bu sözlərlə bəzəyirlər: Oraya, oraya, sonu görünməyən uzaqlara, oraya, əbədi azadlığın hökmranlıq etdiyi yeraltı səltənətə.– Oraya, insanlardan uzaq olan unutqanlıq səltənətinə, harada ki, genişlikdir, oraya, həyatın ən yüksək məqsədinə doğru-soyuq məzara. Kamal məktubu oxuyub zərfin içinə qoydu. Axırıncı puluna poçt markası alıb, dükanın yanından uzaqlaşdı. Sakit və aydın bir axşam idi. Ay incə baxışlarla dağların arxasından boylanaraq, zəif işıq saçırdı. Birdən dağ tərəfdən Kamalın qaməti göründü. O, qaranlıq içində itib-batan şəhərə kədərli bir nəzər saldı və düşündü: “Yaşayın, ey ailəli bəxtəvərlər, yaşayın!”. Bu anda gilələnmiş göz yaşları onun tutqun yanaqlarından axıb töküldü. Sakit, aydın gecənin gözəlliyi, dağ çiçəklərinin yüngül rayihəsi belə onun qəlbində sevinc yarada bilmədi. O, xoşbəxtliyi yalnız və yalnız əbədi nutqanlıqda görür və ona da can atırdı. Kamal uçuruma yaxınlaşdı. Buradan şırıltı ilə axan çay görünürdü. O, bir şer dedi: Mən necə ağlamayım, necə hönkürməyim Artıq dərd çəkməyə gücüm yoxdursa... Hər yerdə qarşıma çıxır dərd-kədər Biri gedir, gəlir yeni qüssə-qəm. Ağır əzablardan qurtuluş yolu Yalnız mənim vaxtsız ölümümdədir. Axırıncı sözlərini deməyə macal tapmamış, o, çoxdan bəri arzuladığı xoşbəxtliyin uçurumuna yuvarlandı. Səhər dağların arxasında yerləşən dərədə külək coşaraq vıyıldayırdı. Günəş dağların başını və qayaları işıqlandırırdı. Orada qaramtıl, üstü örtülmüş bir şey gözə dəyirdi. Bu Kamalın fələk tərəfindən atılmış vücudu idi. 1907 * * * Soyuq busə Hə! Gərək qələmi aldadıb müxtəlif xasiyyətli qadınlar, onların gözəlliyi, əzilibbüzülməsi, gözəl gülüşləri, onlarla tanışlıq və bu tanışlığın nəticələri haqda yazım. Ancaq qəti bir şey yoxdur: gah valeh oluram: qadını çox sevirəm və onun aldadıcı gülüşündən vəcdə gəlirəm. Ancaq çox tez bir zamanda həvəsdən düşürəm, naturanın dəyişkənliyini və onun süni təbəssümünü görüb əvvəlki fikirlərimi inkar edirəm. N-ə qarşı həvəsim belə öldü. Oxucum, N bizim evlə üzbəüz mavi rəngli evin ikinci mərtəbəsində yaşayır. (Marinsk gimnaziyasının Vİİİ sinif şagirdi N). Artıq yeddi aydır ki, biz üzbəüz evlərdə yaşayırıq, o elə hey pəncərənin qarşısında dayanıb gülür və əzilib-büzülür. Diqqətimi cəlb etmək üçün pəncərədən gah anlaşılmaz fiqurlar, gah güzgü, şəkil və kitablar göstərir. Olub ki, qış vaxtı tanışlıq üçün görüş təyin edib, amma mənə çatanda deyib məşğulam. Pəncərə qarşısındakı bu hərəkətlər uzun müddət davam etdi, ancaq küçəyə çıxanda bir-birimizə yad olurduq: bir-birimizə gülümsəmək əvəzinə biz qəribə tərzdə ətrafa baxırdıq. Bir axşam o yenə də işarə ilə tanış olmaq istədiyini mənə anlatdı. Bu dəfə mən fürsəti əldən vermədim, papağımı və paltomu götürüb tez küçəyə çıxdım və onun arxasıyca düşdüm. O düz gedirdi, tez-tez aldadıcı nəzərlərlə arxaya baxırdı. Onun hər təbəssümü, hər yalançı baxışı mənim addımlarımı tezləşdirirdi. Birdən küçənin yoxuşuna çatanda o döndü. Mən dayandım, daha getməyə cəsarətim, hünərim çatmadı. Ancaq o tez-tez dönüb arxaya baxırdı və onun bu hərəkəti məni cəsarətləndirirdi, mənə imkan verirdi ki, yenə də onun arxasıyca düşüm. Heç 20 addım getməmiş mən özümü təqdim etdim və onu evlərinə qədər ötürdüm. Mən N xanımla belə tanış oldum və hətta öz gənclik gündəliyimin bir neçə səhifəsinə onun haqqında yazmışam... Görüş təyin olundu, görüşdük, bütün mövzulara toxunduq. Ancaq mən onu işvələndirən bir sözdə dayandım. İlk görüş məndə onun şəxsiyyəti haqda müəyyən Rus dilindən tərcümə Leyla Məcidqızınındır. qədər təsəvvür yaratdı. Bir gün keçdi, yenə də görüş təyin edildi. Bu dəfə biz çox danışdıq, ancaq bu onun üçün maraqsız idi. Üçüncü görüşümüz dənizin sahilində ay işığında oldu. Dəniz ayın tutqun şöləsindən parıldayırdı. Hər tərəfdə yaz təravəti var idi, ancaq mən soyuqqanlı və darıxdırıcı idim. Çox nahaq yerə o mənə ilk məhəbbətindən danışdı və məni də ilk sevgimdən danışmağa vadar etdi. Mən bütün bunları ona çox həvəssiz danışırdım və tez-tez məyusluğumu bildirirdim. Nəhayət o sakit səslə dilləndi: “Bəlkə siz mənimlə yoldaş olmaq istəyirsiniz?” Mən susdum. Ehtiras naminə yalan demək vicdansızlıq olardı. Çox da ki, yoldaşlığı səbəb etmək istəyirdi. Mən qadın nəvazişi qarşısında məğrur dayanmışdım və onun: “Görünür məktub alırsınız, yəqin sevirsiniz” sualına soyuqqanlıqla cavab verdim: “Mən heç kimi sevmirəm”. Beləliklə, onun arzuları puça çıxdı və bu arzuların həyata keçməsi əfsanəyə çevrildi... İndiki gənclər kimi, özünü hər gördüyün qadına vurulmuş kimi göstərəsən? Yox!! Heç vaxt! Bu mənim ürəyimi bulandırır. Mən həqiqətən aşiq olmaq istəyirəm və təriflərin ürəkdən və odlu-alovlu deyilməsini sevirəm. Mən sevinci ürəyimcə olan qadınla birgə yaşamağı sevirəm... Bax bu mənə ləzzət verir!! Biz bir-birimizə zidd olan şəxslərik: N həyatdan zövq almağa çalışan, mən isə zövq dalıyca qaçmayan, bədbin, romantik bir tipəm. Ancaq görüşlər yenə də təyin olunurdu. Yenə Dənizin sahilində görüşdük. Söhbətə başladıq. Candərdi danışırdıq. Ay buludların arxasına nahaq keçmişdi, sakit külək əsirdi; onsuz da onu heç nə maraqlandırmırdı. Onun gənc və alovlu ürəyini heç nə sakitləşdirmirdi. Onu ancaq təriflər və şirin söhbətlər məmnun edirdi. Bunu kim etsin, mənmi? Boynuma alıram ki, mənim buna qabiliyyətim çatmır. Mən elə hey qara qüvvələrlə mübarizə aparır, qəmgin qarasevdalarda dolaşır və hiss edirdim ki, həyatda heç bir dəyəri olmayan bir insanam. Ona görə də həyat həqiqətlərini qəbul etmir, onun zövq və ləzzətlərinə qarşı çıxır, yaxşılıqların əleyhinə qalxırdım. Hər şey mənə tutqun və üzücü görünürdü. Bu səbəbdən mənimlə N arasındakı münasibətlər tez bir zamanda dəyişdi. O özünə uyğun birini tapandan sonra mən arxa plana keçdim. Bu cavan sözün həqiqi mənasında kavaler idi: hündür boylu, kifayət qədər iri qarınlı bu adamın yaxalığı az qala qulaqlarına çatırdı. Bir sözlə, onda hər bir şey müasir qadının zövqünə uyğun idi. Varlı olması onu N-in gözlərində lap ucaldırdı. Qızılın qarşısında insanlar baş əyməyəndə, kim baş əyəcək? Onun elə aldadıcı parıltısı var ki. O, insanı nəvazişlə geydirir və bütün yaxşı və arzuolunan işlərdə ona bələdçilik edir. Baxışlar, əqidələr, ilahi qəlblər ona tabedir... Bu insanı yaxından tanıdım və onun qəlbinin dərinliklərinə baş vura bildim: əxlaqsızın biridir. Həqiqətən, var-dövlət insanı məhv edir: onun daxili aləmini öldürür, ancaq ona şad həyat üçün şərait yaradır. Qoy bu cənab da öz xarici görünüşünə görə insanların sırasında dursun, – o qız da var-dövlətin ölüsüdür, şənlik və ehtirasın quludur... Mən artıq nüfuzdan düşmüşdüm və nahaq yerə görüş təyin etməyə səy göstərirdim: o hər dəfə məni soyuq və kinayəli ifadələrlə özündən kənarlaşdırırdı. Qız bu oğlana sözün əsl mənasında bənd olmuşdu. Gündə iki dəfə görüş təyin olunurdu: qız səhər tezdən saçları və bər-bəzəyi ilə məşğul olmağa başlayırdı. Pəncərənin qarşısında lampa yanırdı: saçı burmaq üçün maşadan, onu yığmaq üçün sancaqdan istifadə olunurdu, cürbəcür növlərdə kirşanlar, dodaq boyası, xüsusi saç yağı, “müxtəlif zövqlü” ətirlər işə düşürdü. Bu iş çox uzun çəkirdi, güzgünün qarşısında fırlandıqdan sonra küçəyə çıxırdı, qulluqçu qadın da pəncərədən ona tamaşa edir və bir çox hallarda həyəcanlı alqışlar deyirdi. Günlər də, görüşlər də bir-birinin ardınca gəlirdi, mən isə onunla əlaqəni kəsmişdim. Ancaq bununla iş bitmirdi. Mən ona qarşı nə qədər soyuq münasibət göstərsəm də, o məni görəndə gülümsəyirdi. Onun bu hərəkətinin nəticəsində indiyə qədər sakit olan yoldaşlarım (H. və As.) yüngüllük edərək, onunla tanış olmaq üçün vaxt təyin etdim. O da razılaşdı. Axşam çağı onlar birlikdə küçədə gəzişir, müxtəlif mövzularda söhbət edirdilər. Gənclərin biri onu qətiyyən maraqlandırmayan fəlsəfi mövzuda söhbətlər edirdi. Onun üçün dəbdəbəli və rahat həyat şirin olduğu halda, Russo, Tolstoy və ya Şopenhauer nəyinə gərəkdir? Mən pəncərənin qarşısında dayanıb, onların kölgələrini izləyirdim. Coşğun bir halda idim; macəra axtarırdım, özü də boynuma alım ki, yarısərxoş halda idim. Onun hər bir süni gülüşü qəlbimi yaralayıb öz dağıdıcı təsirini göstərirdi; mən ürəyimin həyəcanından gah dala, gah da qabağa gedir, ancaq ona qarşı olan soyuqluğumu izah etməyə cəsarətim çatmırdı. Bir neçə gün salamlaşdıqdan sonra onunla görüşüb əlini sıxmaq mənim üçün çətin idi... On dəqiqə gəzişdim, səkidə dəli kimi sağa-sola hərəkət etdim, nəhayət özümü cəmləşdirib səkidən endim və iti addımlarla onlara yaxınlaşdım. Mən düşündüm: “Yaxınlaşacağam, ciddi danışacağam və həmişəlik vidalaşacağam”. Birdən onlar divarın arxasından çıxdılar və məni görcək sual dolu nəzərlərlə mənə baxdılar. N, təmkinlə əlini mənə tərəf uzatdı və dedi: “ O, mən kimi görürəm! Bu sözlər mənim həyəcanımı azaltdı, sakitləşdim və niyyətim boşa çıxdı. Mən şən halda danışmağa başladım, onun yekəqarın kavalerlərinə hücum edirdim. Mənim qəribə sözlərimi eşidən yoldaşlarım artıq susmuşdular...” Hüs. Söhbətinin yersiz olduğunu görüb, bir dəqiqədən sonra çıxıb etdi. Bircə As. qaldı, N sonralar onu “Don Juan” adlandırmışdı. Mən slan bəyin də getməsini istəyirdim ki, N-lə sərbəst danışa bilim. Bir ədər tərəddüd etdikdən sonra bu qərara gəldim. Aslan bəydən getməsini xahiş etdim. O isə alicənablıq edib mənim xahişimi yerinə yetirdi, onu mənim “ixtiyarıma” buraxdı. Gedərkən “Don Juan nəzəriyyəsi” nə uyğun olaraq özü haqda xoş təəssürat yaratmaq istədi və bir neçə xoş söz də dedi. Nə olsun ki? Bu, yelbeyin xanımın ölmüş ürəyi üçün oxunan qəbir üstü mahnıya bənzəyirdi. O, ədalı görkəm alıb, arxaya çevrildi və qəribə baxışlarla Aslan bəyə baxdı. Onun çöhrəsində alovlu ehtirasın, coşğun qəlb titrəyişinin, qızlara məxsus acgözlüyün izləri var idi... Mən diqqətlə ona baxdım: o həmişə olduğu kimi yox, tamamilə başqa cür görünürdü, onun dodaqları öpüş, sinəsi isə qucağa atılmaq istəyirdi, bəs sinirləri? Titrəyən sinirləri sakitlik istəyirdimi?.. Mən təbiiliyi çox sevirəm, ancaq o mənə yaxın olanda onu lap çox sevirəm. Aydın, sakit gecədir. Ay bizə işıq salır. Göyün üzündə ulduzlar sayrışır... Hər şey təbiidir: mənim hündür divarın kölgəsində Hüseyn Aslan N-lə söhbətim də təbiidir... Mən ona yeni, ancaq tamamilə səmimi hisslərimi bildirdim... Birdən bədənim soyudu və qeyri-ixtiyari onun əlini tutdum və soyuq yanağından öpdüm... Həyatın ləzzətli anları var! Bu anı və soyuq busənin şairanəliyini unutmaq olmaz!! Çünki onunla mənim qəmginliyimin qara buludu və qəlbimin kədəri və qəmi dağılmışdır! Ancaq o məni başa düşmürdü. Mən əbəs yerə öz ruhi iztirablarımdan, qəlb çırpıntılarımdan ona danışırdım. Ancaq o elə hey mənim yanımdan tez çıxıb getməyə çalışırdı. Onun mənə qarşı soyuqluğunu nə ilə izah etmək olar? Axı bir zamanlar o özü bizim tanışlığımıza şərait yaratmış, görüş təyin etmişdi. Mənim xoş sözlərimdən məmnun olurdu, bəs indi? Bəs indi qəlbimi ona açarkən və öz xilasımı onda axtararkən necə?.. Qadınların sirri də bundadır... Heç nə ilə alına bilinməyəcək bir ürəyi fəth edirlər, ürək könüllü təslim olduqdan sonra onu nifrətlə rədd edirlər... Qadınların çoxu nə istəyirlərsə, onu da edirlər. Niyə də etməsinlər, çünki kişilər onlara əyləncə, ləzzət vasitəsi kimi baxır, həyatın əziyyətlərindən dincəlmək üçün onlardan istifadə edirlər. Bunun üçün onlara təriflər deyir, oxşayır, öpürlər, mənfi keyfiyyətlərini isə yaddan çıxarırlar. Beləliklə, qadın ən yüksək məqsədə – vardövlətə, yekəqarın kişilərə, metrəlik yaxalıqlara, nazik uclu “a la wilbelm” bığlarına can atır. Özü də bu ziyanlı arzularına çatmaq üçün öz bədənlərini və qəblərini qurban verirlər. Onlar zövqlərinə uyğun olanlara eyni cürə baxmağa öyrəşiblər. Min nəfər kişi olsa belə, bir qadın onların hamısını təklikdə əyləndirə bilər və hamısı da ondan razı qalarlar. Kişiləri özlərinə bağlamaq, onların ürəyini ələ almaq hissi qadınlarda yüksək dərəcədə inkişaf etmişdir. Bu onların alçaqlığı və rəzilliyi ilə bağlıdır: onlar hamını öz süni gülüşləri, qısa ifadələri və qəribə bədən hərəkətləri ilə qarşılayırlar... Kişi zəif məxluqdur! O, qadının onu “bağışlayacağına” inanaraq, hər cür alçaqlıqlara dözür. Mən də bu həqarətlərə dözmüşəm, N məni bir neçə dəfə pis vəziyyətdə qoyub və mən də bundan narazı qalmışam. N bir dəfə məni qəti surətdə təhqir etdi. Bağda gəzirdik, birdən məni rəfiqəsi ilə birlikdə qoyub bir xanımın yanına qaçdı. Onun rəfiqəsi özünü mənim yanımda narahat hiss etməyə başladı. Mən onunla xudahafizləşdim və dedim ki, bu hərəkəti barəsində N-lə söhbət edəcəyəm. Onun bu hərəkəti mənim ona olan məhəbbətimi, hörmətimi məhv etdi, mənliyimə əzab verdi, mən də ona qarşı intiqam hissi və nifrət yaratdı. Dünyanın nə qədər qəribəlikləri var! N daha mənimlə görüşə çıxmır. Çünki o mənim yoldaşımla alovlu tərzdə öpüşən zaman rəfiqəsi onları görmüşdü. Axı bu alçaqlıqdır! Mən çox gözəl bilirəm ki, bu öpüşlər N-in ürəyincə olub və buna imkanı da elə özü yaradıb. Ah! Həqiqəti harada axtarasan? Hər yerdə yalan və boşluqdur! Ertəsi günü onunla bütün münasibətlərə son qoydum. Məsələni aydınlaşdırdıqdan sonra əlimi ona tərəf uzatdım və dedim: “Siz məni təhqir etmisiniz, mən bunu heç vaxt unutmaram!” Görünüşü mənə E.Zolyanın “Parijli Nana”sını xatırladan xanımla tanışlığım beləcə başa çatdı. Epiloq Bir müddət keçdi. Nə olsun ki, yenə də həmin pəncərə və onun arxasında dayanan N-in solğun görkəmi. Görünür, hamı onu tərk edib “Yekəqarınlar” artıq onun boyanmış dodaqlarındakı süni gülüşdən təngə gəliblər. Hə, qadınla əylənirik və əylənərkən onun xasiyyətinin qaranlıq tərəflərinin, qəlblərinin yararsızlığını unuduruq. Qadın ona toxunan insanı məhv edə biləcək zəhər kimi bir şeydir. O özündə bütün ali və təbii hissləri öldürər və kədərli bir məxluqa çevrilə bilər. Romantik qəlbli kişi səfehdir! Qadının yanında yaxşı mövqe tutmaq üçün cismini və qəlbini belə qurban verməyə hazırdır: o əziyyət çəkir, bütün romantik anların acısını yaşayır, göz yaşı tökür, alçalır, gülünc vəziyyətə düşür... Kimə və nəyə görə? – soruşulur. Ürəyinin sirləri kişi üçün anlaşılmaz olan qadın, hiyləgər qadın üçün... Kişi qadın ürəyini çətin anlayır. Heç qadın özü çox zaman özünü dərk edə bilmir, birinə bənd olduğu halda “hər ehtimala qarşı” başqalarını da qaralayır. Belə hallar göstərir ki, qadın yaranışından miskindir, onun xarakteri ətraf mühitin təsirindən yox, kişiləri məhv edən şeytan toxumundan törəmiş ürəkdən yaranır. Qadının yaramazlığı bundan ibarətdir! Oxucum, məni bağışla, sonluğu unutmuşam! Onu bir neçə sözlə tamamlamaq istəyirəm. N hələ gəncdir və hələ ki, həyatdan ləzzət almağa gücü var, ancaq ürəyində onu qəm içində boğa biləcək vicdan əzabı çəkmir. Onda yekəqarın, uzun yaxalıqlı Don Juanlar cərgə ilə gəlib keçərdi və N-də onların hər birinə müraciət edərdi: “Mənimlə dost olmaq istəyirsinizmi?” və ya “gəlin dost olaq”. Belə faciəli anlarda Arsıbaşovun “ciddi” kitabları da N-in hərəkətlərinə haqq qazandıra bilməz. 1908 * * * “Fokusnik”dən Şərq nağılı Yaqubun arvadı ona deyir: – Biz ikimiz də ac ola-ola sən niyə işsiz oturmusan və ağlayırsan? Yaqub cavab verir: – Mən nə işləyəcəyəm? Mənə iş vermirlər. Arvadı ona məsləhət verir: – Get meydana. İndi orada bazar var. Şəhərə gələn qonaqların falına bax. – Mən necə fala baxım? – deyə kişi etiraz etdi. Mən bədbəxtin başına qoymağa heç nəyi yoxdur. Arvad baş artırmaya baxıb, orada böyük balqabaq gördü. Onu iki hissəyə bölüb, yarısını kişinin başına qoydu və əmr etdi: “Get!” Kişi gedib meydanın bir küncündə oturdu və gözlərini aşağı dikdi. Maraqlananlar soruşanda ki, o kimdir və niyə başına balqabaq qoyub, o heç nə cavab vermədi, heç gözlərini də qaldırmadı. Bir müddətdən sonra belə bir şayiə yayıldı ki, qüdrətli bir müdrik meydanda tək oturub. Bu xəbəri eşitcək bir tacir onun yanına gəldi və dedi: “Qüdrətli Şeyx! Mən öz eşşəyimi itirmişəm. Onun yerini mənə desən, səni mükafatlandıracağam”. Bədbəxt Yaqub bu an yerə girmək istədi və bunun üçün fikrində öz arvadını günahlandırdı: “Axı o məni niyə bura göndərdi. Mən cavab verməliyəm. İndi nə cavab verim?” Ancaq sonra özünü ələ alıb dedi: – Get qəbristanlığa, ey qəmli insan! İş elə gətirir ki, təsadüfən eşşək qəbristanlıqda olur və tacir onu tapır. Tacir sevinir və qayıdıb Yaquba beş gümüş pul verir. Yaqub sevinə-sevinə evə gedib, bu barədə arvadına danışır. Arvadı deyir: – Görürsən, yaxşı ki, sən mənə qulaq asdın. Onlar bir müddət belə xoşbəxt yaşayırlar. Sonra yenə arvadı Yaqubu meydana, öz köhnə yerinə göndərir. Rus dilindən tərcümə Leyla Məcidqızınındır. Camaat arasında belə şayiə yayılır ki, həmin müdrik qoca yenə də peyda olub. Onun yanına xeyli adam gəlib, bir çox suallara cavab istəyir. Lakin Yaqub cavabların düzgün olmayacağından qorxub, heç kimə cavab vermir. Yaqub bircə öz qızıl kisəsini itirmiş varlı bir tacirə cavab vermək istədi. O, tacirin tər-təmiz sifətinə və əllərinə baxıb fikirləşdi: “Tacir təmizdir, dərisi yumşaqdır və ağdır, yəqin ki, o, hamamdan gəlir... Bəlkə elə deyim ki, o qızılları hamamda itirib?” Elə bu anda dimdiyində tacirin qızıl kisəsi bir qarğa uçub gəldi. Qarğa Yaqubun başındakı balqabağı dimdikləmək istəyəndə ağzındakı qızıl kisəsi yerə düşdü. Öz kisəsini geri alan tacir Yaquba beş qızıl verdi. Beləliklə, müdrik qocanın şöhrəti artdı. Elə bu ərəfələrdə sultanın qiymətli daş-qaşlarla dolu sandığı itir. Oğrular şəhərdən qaçmaq üçün məqam axtarırlar. Yaqubun şöhrəti sultanın da qulağına çatmışdı. O, Yaqubdan soruşur: – Mənim ləl-cəvahiratla dolu olan sandığım hardadır? – Ey kasıb və bədbəxtlərin himayədarı, mən bilmirəm, – deyə Yaqub cavab verir. – Əgər yeddi günə mənim sandığımı tapmasan, mən sənin dərini soyduracağam, – deyə sultan Yaquba xəbərdarlıq edir. Yaqub evə gəlib, baş vermiş hadisədə arvadını günahlandırır: – Gördün sən məni hansı bədbəxtliyə düçar etdin? Əli hər şeydən üzülmüş Yaqub, başına kül yağdıra-yağdıra qapının ağzında oturub ağlamağa başlayır. Yaqub yatır. Gün belə keçir. Oğrular artıq onun məharəti haqqında eşitmişdilər. Ona görə də öz içərilərindən birini seçib, ona Yaqubu izləməyi tapşırırlar. Oğru eşidir ki, o gələn kimi Yaqub deyir: “Bu birinci”. Tez gedib bu hadisəni oğrulara danışır ki, Yaqub onun gəldiyini qabaqcadan bilib. Ona inanmırlar. Sonra ikinci oğrunu göndərirlər. O da Yaquba qulaq asanda eşidir: “Bu da ikinci”. Tez gedib oğrulara deyir: “Yaqub müqəddəs adamdır, bizi görür. Biz gərək ya qızılları qaytaraq, ya da şəhərdən qaçaq. Yoxsa bizi ölüm gözləyir”. Üçüncü oğrunu da göndərirlər. O da həmin sözləri eşidir: “Bu da üçüncü”. Oğru qışqırıb evə gəlir və qızılı qaytarmaq üçün o biri oğrulara yalvarır. Oğrular qızılları Yaquba qaytarırlar. Sonra sultan Yaqubu saraya gətirdir. Yaqub sarayda çox sıxılır və özünü bədbəxt hiss edir. O bir gün hamamda yuyunanda sultanın başına vurur. Sultan onun dalıyca qaçanda hamamın tavanı tökülür onların başına. Sultan Yaquba deyir: – Ey müqəddəs insan! Nə istəsən sənə verəcəyəm. Yaqub deyir: – Mənə eşşək ver. Sultan gülür və Yaqubu azad edir. 1904 * * * Əziz Ballı xala qabı eşib, bir qızarmış iri kələm dolması tapıb, oğlu Qulunun ağzına uzatdı. -Qurbanın olsun anan, buncuğazı ye! Qulu cavabında “iştaham yoxdur” dedisə də, Ballı xala dolmanı bir az da irəli uzatdı: -Yox, vallah yeyəcəksən! -A kişi, yemirəm! -Yox, yeyəcəksən! Qulunun iştahası yox idisə də, axırda əlacı kəsilib, rəngsiz dodaqlarını aralayıb, dolmanı içəri ötürdü. Ballı xalanın dul qızı Güldəstə dolma qabına bir tikə vuranda əlinə bir qırmızı ürək keçib, cəld qovzadı: -Qulu, bunuca ye! -A kişi, yemirəm! -Bıy, ədə bir ağzını aç! Qulu istədi saralmış üzünü turşaldıb, bacısına acıqlansın, bir vaxt gördü ürəyin ucu ağzına yetib, yağı damcılayır. Əlacı kəsilib, yenə rəngsiz dodaqlarını araladı və ürəyi içəri ötürdü. Qulu üzəyi bir əngindən o biri ənginə aparıb, asta-asta çeynəyirdi, bir də gördü xalası kor Qızxanım qabdan bir sümük tapıb, apardı qıpıq gözlərinin qabağına və bir az o yan-bu yana çöndərib zənn ilə baxdıqdan sonra çığırdı: -Qulu, xalan kor olsun, bircə bu sümüyü gəmir! Qulu dolu ağzını çöndərib, ütük qaşlarını qovzuyub; altı-üstü şişmiş gözlərini süzməkdə xalasına nə deyəcək idisə, beş-altı yerdən onun sözünü kəsib çığırışdılar: -Bıy, bəs adam şikəst xalasının sözünü yerə salar?! Ye, nədir ki, bir sümükdür, dayna! Qulu səsini xırp kəsib, sümüyü qapdı. Ballı xalanın əri evindən döyülüb qovulmuş qızı Xırda bir yaxşı tikə tutub, gözləyirdi ki, Quluya versin. Qulu bunu görcək ağzında əzilmiş üzəyi bir əgkinə yığıb, bacısının üstünə çığıranda üzəyin bir parçası gedib boğazında qaldı və öskürməyə başladı. Bir dəqiqədə ev səs ilə doldu: -Su, su! Gədəcik öldü! Ballı xala Qulunun dalına əli ilə döyəcləyib deyirdi: -Hamısı sənin! Hamısı sənin! Əri Kərbəlayı Gülüməli karıxdığından elə barmaqlarını yalaya-yalaya qalmışdı; dul bacı su gətirirdi; döyülüb qovulmuş bacı o baş-bu başa yüyürüb çığırırdı. Xala başını Qulunun üzünə yavıqlaşdırdı ki, ağzını tapıb, əlini soxsun... -Xoşbəxtlik üz verdi – üzək Qulunun boğazından ötüb getdi və külfət sakit olub, öz xüsusi işlərinə məşğul oldu. Yatmaq vaxtı yetişdi; həyətə yüz mütəkkə getdi. Ağacların altında yatacaqlar salındı. Qulunu dörd-beş adam yatırmağa apardı. Ballı xala irəlidədi və “başıma dönüm, çöl soyuqdur” deyib Qulunun üstə bir qış yorğanı saldı; dul qız nənəsinin sözünü təsdiq edib, birini də o saldı; qovulmuş qız da bir cecim tapıb gətirdi. Xala gözünün üstə əlini qoyub, bir göyə baxdı və sonra nə fikir elədisə gödək tumanı atıla-atıla yatacağına tərəf getdi və əlini sürtüb, dəstə ilə çıxmış yeddi-səkkiz tumanı tapıb, Qulunun üstə saldı. Kərbəlayı Gülüməli gecə papağını geyib, bərk səslə: -Ay uşaq, Qulu rahat oldumu? Elə ki beş-altı yerdən “rahat oldu” deyə səs gəldi, Kərbəlayı aftafanı götürüb, öskürə-öskürə həyətin dibinə getdi. Qulu gecə sabaha kimi istidən yata bilməyib, o yan-bu yana çöyrükdü və hər çöyrükəndə də üstündən bir yorğan sürüşüb düşdü. Belə oldu ki, axırda üstünü tamam açdı və bu surətlə yuxuya getdi. Sabah evə qarışıqlıq düşmüşdü. Qulu azarlamışdı. Kərbəlayı Gülüməli ağ tumanlı həkim dəlləyin yanına yüyürürdü. Ballı xala keçi piyi axtarırdı ki, Qulunu piyləsin; qızlar ağlaşırdılar. Xala da üzərlik yandırıb, Qulunu tüstüyə verirdi. * * * Gələcək şəhər I Tiflisdən yola düşən təyyarə Kürdəmirə qədər rahat gəldi. Əvvəl sakit görünən hava birdən qarışdı, bərk külək başladı. Təyyarə əvvəlki sürətini dəyişdisə də, irəliyə doğru getmək mümkün olmadı: yel mane olurdu. Təyyarəçi ətrafı gözdən keçirdi: qaçışan buludlardan başqa bir şey görmədi. Yel yenə əvvəlki kimi təyyarənin qanadlarını şişirmədə idi. Təyyarəçi özünü itirmədi. Düşünərək gözlərini yan tərəfə çevirdi: pambıq layları kimi ağaran buludlar adamı qorxudurdu. Təyyarəçi diqqətlə baxdı. Bir tərəf qapqara, o biri tərəf isə işıqlı idi. Çox düşünmədən təyyarənin istiqamətini dəyişməyi qərara aldı. Təyyarə su axınına düşən kimi oldu – böyük bir sürətlə yola davam etdi. Posla şimalı göstərirdi. Bir neçə saatdan sonra hava ayazımağa başladı. Yel yavaşımışdı. Lakin aşağı baxıldıqda yerdən heç bir əsər görünmürdü. Ətraf mavi bir boşluqdan ibarət idi. Arxa tərəfdəki qapalı kamerada iki minik var idi. Biri Həsən, o biri Sandro idi. İkisi də Bakıya gedirdilər. Fırtınadan Həsənin başı gicəllənirdi, rəngi qaçmışdı. Üzünü yoldaşına çevirərək: – Sandro, – dedi, – indi biz Bakıda olmalı idik. Görünür, yolu azdıq. Sandro: – Mən də elə zənn edirəm – deyə cavab verdi. İki tərəf də uzun müddət sükutu pozmadı. II Səhərə yaxın Şərq tərəf qızarmağa başladı. Bu qızartı hər kəsdə bir ümid doğurdu. Sandro aşağı baxdı: – Həsən, – dedi, – bax, orada ağ ləkələr görünür. Həsən yuxusuzluqdan qızarmış gözlərini aşağı zillədi, diqqətlə baxdı, rəngsiz üzü parladı: – Sandro, – dedi, – şəhərə bənzəyir. Mis qabı andıran günəşin kənarları göründü, boşluqlara qızıl səpildi. Yel yox idi. Təyyarə yavaş-yavaş enirdi. Həsən bir də aşağı baxdı: – Şəhər! Şəhər! – deyə çığırdı. Sandro: – Həm də nə böyük, nə gözəl şəhər! – dedi. – Ağ evlər bağlar içində gizlənmiş… Bax, damlarda belə bağçalar salınmışdır. – Gör küçələr nə gözəldir – avtomobil, avtobus, tramvaylar birbirinin arxasınca sel kimi axır. Artıq şəhər göz qarşısında süfrə kimi sərilib, bütün təfsilatı ilə görünürdü. Yüzlərcə təyyarə on-on beş mərtəbəli evlərin damlarına qonub, uçmada idi; şəhər üzərində qurulmuş onlarca asma körpüdən dəmiryol qatarları keçirdi, kənardan axan bir çay gəmilər və motorlu qayıqlarla dolu idi… Təyyarə onmərtəbəli bir evin damına qondu. Gənc bir adam irəliləyib, salam verdi və yol göstərdi. Təyyarəçi, mexanik və miniklər təyyarədən çıxıb liftə oturdular. Lift sürətlə endi. Gənc adam da burada idi. İki dəqiqə sonra lift durdu. Qapı açıldı, cürbəcür bitkilərlə bəzənmiş bir terrasa çıxdılar. Gənc bunları salona dəvət etdi. Salonun sağ tərəfindəki kiçik otaqda yuyunub silindilər, sonra salonda bir masa ətrafında oturdular. Masanın üzərinə boşqablar düzülmüşdü. Hər boşqabın yanında bir zəng düyməsi var idi. Gənc masa üzərindəki kartı götürüb oxudu və: – Kim nə istəyirsə, desin, – dedi. Kimi qəhvə, kimi şokolad, təyyarəçi də çaxırla məzə istədi. Gənc kartı göstərərək dedi: – Baxın, buradakı şeylərin yanında bəzi işarələr var. Məsələn bir nöqtə, iki xətt qəhvə deməkdir; üç xətt, iki nöqtə şokolad; dörd xətt, beş nöqtə çaxıra işarədir… İndi boşqablarınızın yanındakı düymələri bu işarələrə görə basın. Hər kəs gəncin təliminə görə düyməni basdı. Bir dəqiqədə boşqablar aşağı enərək, yerlərində bir boşluq əmələ gəldi. Çox keçmədən boşqablar qəhvə, şokolad, çaxır, çörək, yağ, pendir və başqa şeylərlə dolu halda geriyə döndü. İki gündən bəri yeməmiş səyyahlar böyük bir iştaha ilə yeməyə başladılar. Yeməkdən sonra Sandro gəncə: – Vətəndaş, – dedi, – başım ağrıyır, mədəm də bulanır. Yaxında bir həkim varmı? – Həkim çoxdur. Həkimlər evinə telefon etməli. Gənc sözlərini qurtararqurtarmaz masanın üstündəki telefonu əlinə götürdü. O saat telefonun aynasında bir şəkil göründü. Bu bir çocuq idi: – Kimi istəyirsiniz? – deyə soruşdu. – Daxili xəstəlik mütəxəssisi lazımdır. – Bir dəqiqə gözləyin, – deyə çocuq aynadan yox oldu. İki dəqiqə sonra aynada üzü qırxıq bir qoca göründü: – Xəstə kimdir? – deyə sordu. Sandro irəli yeridi. – Mənəm. – Nəyindir? Sandro anlatdı. Həkim: – Dilinizi göstərin, – dedi. Sandro dilini çıxardı. Aynadakı həkimin üzü ciddiləşdi. Gözlərini diqqətlə Sandronun dilinə zillədi, sonra: – Yaxşı, – dedi, – bir dərman yazaram, aptek hazırlar. Bir saat sonra alarsınız. Həkim Sandronun adresini soruşub, yox oldu. Bir saat sonra evin qapısında bir avtomobil dayandı. Ağ geyimli bir qız Sandroya dərman gətirdi. Günorta yeməyindən sonra şəhərə çıxdılar. Avtomobil onları sürətlə apararkən birdən durdu. Hər kəs bir-birinin üzünə baxdı. – Nə oldu? – deyə soruşdular. Gənc anlatdı: – Avtomobillərin, tramvayların, adam basmasın deyə, motorlarına bir makina qoyulmuş. Ön tərəfdə maneə görünən kimi motor öz-özünə dayanır. Bu maneəni icad edən mühəndisə şəhər bağlarının birində heykəl qoyulmuşdur, indi görəcəksiniz. Həsən heyrətlə: – Deməli, küçələrdə on minlərcə avtomobil işlədiyi halda heç bir bədbəxt hadisə əmələ gəlmir. – Heç. Avtomobil bir bağın önündə durdu. Endilər. Bağın gözəlliyini təsvir etmək çətindir. Hər tərəf gül-çiçək idi. Xiyabanlar heykəllərlə dolu idi. Addım başına bir hovuz var idi. Hər on addımda bir makina qoyulmuşdu, üzərində cürbəcür şeylər yazılmışdı: qəhvə, şokolad, kitab, karandaş, meyvə… Yazıların yanındakı düymələrə barmaq basıldıqda, o saat yan qapıdan bir şey çıxaraq verilirdi. Makinalar şüurlu bir halda insanları əvəz edirdi. Hər meydançada radio oxuyurdu. Onların gözləri birdən göyə sataşdı. Havada cürbəcür rənglərdə yazılar yazılırdı. Teleqraf xəbərləri, şəhər hadisələri, elanlar, siyasi, ictimai, tibbi mülahizələr qeyd olunurdu. İşıq vasitəsilə havada yazılan bu xəbərlər beş-on dədiqədən bir dəyişilirdi. Bir də göydə iri hərflərlə "Yağış yağacaq!" sözləri yazıldı. haman, hər kəs daldalanmağa çalışdı. Səyyahlar bağdakı köşklərin birinə çəkildilər. Həsən heyrətlə: – Yağış yağacağını nədən bilirlər? – deyə sordu. Gənc: – Burada buludları da göyə makina vasitəsilə gətirirlər, – dedi. – Şəhəri təmizləmək üçün gündə iki dəfə yağış yağdırılır. Bir neçə dəqiqə müddətində göyü buludlar basdı, bərk yağış yağdı. Minlərcə altılülə fırçalı avtomobillər çıxaraq küçələri süpürməyə başladı. On dəqiqə sonra buludlar dağılıb, göy təmizləndi, günəş göründü. Böyük binaların hər birində ümumi yeməkxana, çocuq bağçası və dispanser var idi. Həmin binalarda yaşayanlar ayda bir dəfə müayinəolunmağa məcburdular. Səyyahlar bunu bilərək dispanserə getdilər. Dispanser bir neçə otaqdan ibarət idi. Divarlar ağ mina kərpiclərdən idi. Burada bir çox makinalar var idi. Ağıla gəlməyən bir təmizlik gözə çarpırdı. Səyyahları soyundurdular. Həsəni bir makina qarşısına qoyduqda bədəninin şəkli qarşıdakı ekrana düşdü. Makina işlədikcə ətrafdakı şəkil dəyişilirdi. Əvvəl dərinin altı, sonra əzələlər, damarlar, sümüklər, axırda daxili üzvlər, yəni ürək, ciyər, mədə, böyrəklər… incə nöqtələrə qədər göründü. Həkim Həsənin ciyərində kiçik bir ləkə olduğunu söylədi. Həsəni başqa bir otağa gətirdilər. Ciyərinə bir işıq buraxdılar. Sonra şərbət kimi bir ilac içirib, yola saldılar. Üç gündən sonra ləkə yox oldu. Sandronun böyrəyində kiçik bir daş var imiş, onu da işıq ilə əritdilər. Səyyahlar tibbi məsələlərlə maraqlandılar. Gənc səyyahları maraqlandıran məsələləri aydınlaşdırırdı: – Şəhərimizdə xəstəlik yox kimidir. Çünki başlanmasına belə yol verilmir. Sonra cərrahlıq o qədər irəliləmiş ki, insanın ürəyini, ciyərini belə çıxarıb, əvəzinə yapmasını qoyurlar. Hətta qayrılmış gözlər belə təbii vəzifələri ifa edir. Sandro heyrətlə: – Deməli, insan həmişə yaşaya bilər. Gənc fikrə getdi: – Əbədi həyat hələ kəşf olunmamışdır. Ancaq adamı uzun müddət yaşadırlar. Məsələn, bir qocanın hüceyrəsini dəyişməklə onu gəncləşdirirlər. İki yüz yaşlı adamlara hər addımda rast gələrsiniz. Bunlar dörd-beş dəfə gəncləşmişlər və hər dəfə onların yeni uşaqları da olmuşdur. Səyyahlar fabriklərdən birini görmək istədilər. Gənc bunları yeraltı dəmir yolu ilə apardı. Şəhər kənarındakı stansiyalarından birində vaqondan çıxdılar. Platformanın bir tərəfi sağa doğru tərpənərək sürünür, o biri tərəfi də sola doğru. Səyyahlar ayaqlarını platformaya qoyarqoymaz özlərini fırlanan pilləkən qarşısında gördülər. Birinci pilləyə çıxdıqda pilləkən bunları yuxarı götürdü. Küçəyə çıxdılar. Bütün qaldırımlar sağa və sola hərəkət etmədə idi. Ayaqlarını qoyan kimi, qaldırım bunları küçənin tininə qədər götürdü. Orada yerə enib, küçəni keçdilər və o biri qaldırım da onları bir dəqiqə içində ikinci küçənin tininə apardı. Bir neçə dəqiqə keçməmiş fabrikə çatdılar. Qapıçı telefonla müdirdən müsaidə istəyib, səyyahları içəri buraxdı. Fabrik kiçik bir şəhərə bənzəyirdi. Üzəri şüşəbənd idi. Darvazadan içəri dəmir yol çəkilmişdi. İçəridə əlli-altmış vaqon hərəkət edə bilirdi. Yolun sağ və sol tərəflərinə sıra ilə makinalar düzülmüşdü. Ağ geyimli şöbə müdirləri işçilər arasında dolaşmada idi. Burası avtomobil fabriki idi. Hər bir makina sırası müəyyən hissələr qayırmaqla məşğul idi. Birinci sırada makinalara buraxılmış xam dəmir parçaları son sıralarda hazır avtomobil olaraq vaqonlara yüklənirdi. Səyyahlar sıralardan birinə yanaşdılar. Bir işçi beş makinanı idarə edirdi. İşçinin vəzifəsi dəmir parçalarını makinalara qoyub bərkitmək və makina işini görüb qurtardıqdan sonra makinadan çıxarmaq idi. Avtomat makinalar bir neçə vəzifə görür: məsələn, kəsib, dəlib hamarlayırdı. İş elə qurulmuşdu ki, işçi beşinci makinaya xidmət edib döndükdə birinci makina işini qurtarırdı. Nəticədə nə işçi, nə də makina bir dəqiqə vaxt itirmirdi. Sandro işçilərin xətər görüb-görməmələri ilə çox maraqlandı: – İşçilər qəzaya uğrayırlarmı? – deyə sordu. – Heç vaxt! – deyə müdir cavab verdi, – çünki makinalar son dərəcə mükəmməl qayırılmışdır. Zəhmətin ağırlığı belə qaib olmuşdur; hər bir ağırlıq makinaya düşür. Səyyahlar fabriki gəzdilər. Burada körpə çocuqlar üçün yurdlar, dispanserlər, sənət məktəbləri, yemək evi, qiraət və kitabxana, hamam gördülər. İşçilərin soyunduqları yerə baxdılar – burası gözəl bir salon idi. Hər bir işçi üçün bir dolab qoyulmuşdu. İşçilər burada soyunub yuyunur, təmiz paltar geyib, fabrikdən çıxırlar. Darvazanın yanında böyük bir qaraj gördülər. Hər bir işçi yaşadığı yerə öz avtomobilində gedirmiş. Səyyahları təşyi edən işçiyə müraciət edərək: – Yoldaş, – deyə Həsən soruşdu, – gündə neçə saat işləyirsiniz? – Altı saat. – Neçə il işləyəndən sonra işçilərə təqaüd verirlər? – İyirmi beş ildən sonra. – Sonra onları təmin edirlərmi? – Təbii. Özü və ailəsi dövlət hesabına yaşayır. Səyyahlar fabriki tərk etdilər. Oradan məktəblərin birisinə getdilər. Məktəb on beş mərtəbəli bir evdə idi. Məktəbin ətrafı böyük bağla əhatə olunmuşdu. Gənc onlara anlatdı: – Burada beş min çocuq təhsil görür. Əlifbadan başlayaraq yeddi il burada oxuyurlar. Çocuğun nəyə həvəsi çoxdursa son sinifdə bəlli olur. Çocuqları həvəslərinə görə ayıraraq beş illik məktəblərə verirlər. Bu məktəb bir çox şöbələrə ayrılır. Buranı qurtaran mükəmməl mütəxəssis olur. Səyyahlar məktəbi gəzdilər. Siniflərin geniş və təmizliyi, laboratoriya və kabinələrin mükəmməlliyi, yemək salonu, kitabxana, gimnastika salonu, dispanser onların heyrətinə səbəb oldu. Tələbələrin sağlam vücudları, təmiz geyimləri və tərbiyələri nəzər-diqqətlərini cəlb etdi. Yolda gələrkən uzaqda görünən dağın başında gözləri bir sıra dəmir qüllələrə çarpdı. Qüllələrin başları buludlarda gizlənmişdi. Bunların nə olduğunu gəncdən soruşdular. Gənc dedi: – Bu qüllələr havadakı elektriki toplamaq üçündür. İldırım bizə böyük xidmət göstərir. Şəhərimizin işığı və fabriklərimizin hərəkəti bu qüllələrə bağlıdır. Ölkəmizdə belə qüllələr çoxdur. Bu qüllələr gecəyə qələbə çalmışlar. Şəhərdə gecələr işıqlanmayan bir nöqtə belə yoxdur. Hər tərəfdə işıq parıldayır. Sandro: – Belə ucuz enerji ilə yəqin evləri də qızdırırlar. Gənc: –Yox, – dedi, – istini günəşin hərarətindən alırıq. Məmləkətin müəyyən nöqtələrində makinalar qoyulmuş. Bu makinalar yayın hərarətini toplayaraq sıyıq bir hala salır. Üç ay tədarük olunan hərarət ölkənin doqquz aylıq ehtiyacını tamamilə ödəyir. Təyyarəçi: – İşıq və hərarət nə vasitə ilə gedir? – deyə sordu. – Halbuki şəhərin heç bir yerində məftil yoxdur. – Məftil bundan çox əvvəl götürülmuş. İndi məftilə ehtiyac yoxdur. Telefon, teleqraf, elektrik, hərarət – hamısı hava vasitəsilə gedir. Radio o qədər tərəqqi etmiş ki, adi həyatımızın hər bir sahəsində işlənir. Fikrimi anlatmaq üçün sizə bir misal söyləyim. Məhkəmələrimizə şahid dəvət olunmaz. Hər bir məhkəmədə bir ekran var. İstənilən zaman şahid rəsmi radio vasitəsilə ekrana gətirilir. Şəkil canlı adam kimi məhkəmənin bütün suallarına cavab verir. – Şəkil danışırmı? – deyə Həsən heyrətlə soruşdu. – Təbii, danışır. Şahid üç, ya beş günlük bir məsafədə olsa belə, yenə şəkli, səsi və ya da sözləri məhkəmə qarşısında nümayiş edir. Şəhərin bir çox yerlərində qoyulmuş iri ekranlar səyyahların nəzərini cəlb etdi. Bunların üzərində iri hərflərlə "keçmişin güzgüsü" sözləri yazılmışdı. Bir də bu ekranların birində "Üç əsr əvvəl" sözləri yazıldı, sonra yazı yox oldu. Əvəzində "Ərdəbil" kəlməsi düzüldü və bundan sonra bir şəkil göstərildi. Sinələri ağ kəfənli xalq başlarını xəncərlə yarırdılar; bir tərəfdə zəncir vururdular; qara geyimli camaat başlarına döyərək ağlayırdı… Tamaşaçılar nifrət bəyan edən üzlərini qırışdıraraq: – Nə vəhşi zamanlar var imiş, – deyə içlərini çəkirdilər. Bir də ekranda "Köhnə Azərbaycan" sözü görünərək yox oldu, sonra "Kəndlinin yaşayışı" yazıldı… Motal papaqlı kəndlilər qara damdan çıxdılar, ağacdan qayrılmış cütləri götürüb, tənbəl addımlarla yürüdülər. Təzəyə bələşmiş öküzləri qoşmağa başladılar… Həsən: – Bu kinodurmu? – deyə gəncdən soruşdu. – Yox. Bu, keçmişin mənzərəsidir. – Bilirəm. Oynanmış və ya vaxtilə çəkilmiş şəkildir. Gənc etiraz etdi və səyyahlara izahat verdi: – Vaxtilə çəkilməmiş, – dedi, – bu saat çəkilir. Bilirsiniz ki, dünyada heç bir şey yox olmur. Səslər dalğa ilə havaya yayılan kimi, şəkillər də havaya keçərək olduğu yerdən uzaqlaşır. Bu şəkillər və səslər müəyyən makina vasitəsilə uzaqlardan alınır. Makina qüvvətli olarsa, insaniyyətin ibtidai həyatından başlayaraq yaxın əsrlərə qədər göstərə bilir. Sandro heyrətlə: – O səslər dalğası necə şeydir? – Bu günkü səslər havada dalğalanan kimi, ibtidai səslər də dalğalanmış. Yalnız fərq buradadır ki, qədim zamanlar vücuda gələn səslərin havadakı dalğa dairəsi əsrlərdən bəri genişlənərək bizdən uzaqlaşmışdır. İndiki makinalar ən uzaq dalğaların səslərini alaraq kağız üzərinə qeyd edir. – Bununla harada məşğul olurlar? – deyə Sandro soruşdu: – Ayrıca elmi bir müəssisə var. İstəsəniz, görə bilərsiniz. Səyyahlar yüzlərcə otaqları gəzib başa çıxa bilmirdilər. Bir çoxotaqlarda adam yox idi. Bütün işləri makinalar görürdü. Bir makina yazır, o biri yazılan kağızları toplayır, üçüncü tikir, dördüncü cildləyir, beşinci qəfəsələrə düzürdü. Səyyahlar şüşə qübbəli böyük bir salona girdilər. Burada yüzlərcə alim adamlar işə məşğul idi. Səyyahları təşyi edən gənc yavaş səslə anlatdı: – Yazan makinaları gördünüz. Onlar əsrlərin söz və söhbətlərini havadan alıb, gecə-gündüz yazır. Bu yazılar dil etibarilə ayrılıb, bu müəssisənin cürbəcür şöbələrinə göndərilir. Hər şöbənin bir neçə mərkəzi salonu var. Bu salon daş əsrinin indiyə qədər bəlli olmayan dilləri ilə məşğuldur. Yalnız bu şöbədə çalışan adamların sayı minləri keçir. Səyyahlar başqa bir şöbəyə keçdilər. Buradakılar şəkillə məşğul idi. – Bu şəkillər hansı dövrə aiddir? – deyə təyyarəçi soruşdu. Gənc anlatdı: – Bu şöbə insanların ovçu dövrü ilə məşğuldur. Bu gözlərimizin qarşısındakı makinalar o dövrün tipləri və mənzərələrini kağıza köçürür. Şəkillə məşğul olan şöbələrin sayı yüzdən artıqdır. Ovçu dövrünün yazıları və şəkilləri başqa bir şöbəyə toplanır. Sonra alimlər bu materiallardan kitablar yazırlar. Sandro dolablara toplanmış şəkillərdən bir yığın götürüb baxdı. Hamısı rəngli idi. Əlləri yaylı və oxlu çılpaq adamlar bir çox vəziyyətlərdə çəkilmişdi. Hippopotam ovunu təsvir edən bir şəkil çox maraqlı idi. Bu dəhşətli heyvan ovçulardan birini pəncəsi altında əzir, o birisini də iti dişləri ilə didirdi. Yan tərəfdəki ağacın budaqlarında meymunlar oynaşırdı. Səyyahlar olduqları yerə gəldilər. Yolda gəncə bir çox suallar verdilər. Həsən: – Bir şey məni maraqlandırır, – dedi. – Biz yeyirik, içirik, hoteldə yaşayırıq… Nə üçün bizdən pul istəyən yoxdur? – Pul nədir? Pul yüz il bundan əvvəl ləğv olunmuşdur. Bizdə hər kəs çalışır və hər kəs də yeyir, içir və yaşayır. Bu hər kəsin vəzifəsidir. Bir adama nə lazım olsa hər bir yerdən ala bilər. – Müftəmi? – deyə Sandro heyrətlə soruşdu. – Müftə nə deməkdir? Hər kəs cəmiyyət üçün çalışır və cəmiyyət də onu bəsləyir. Burada dərin bir məsələ yoxdur. Səyyahlar bir-birinin üzünə baxaraq gülümsədilər. Gənc bunların heyrətinin mənasını duyaraq dedi: – Keçmiş xalqların fəna yaşadığının səbəblərini tarixdə oxuyuruq. Birinin işləyən, o birinin müftə yeyən olması insanların həyatını pozmuşdur. Biz işləməyənləri aramızdan çoxdan çıxarmışıq. Əl-ayağı iş tuta bilməyən uşaqlardan və qocalardan başqa hamı işləyir. İşləməyən adama yemək yoxdur. Bu gün heç kəs yediyi və geydiyi şeylərdən başqa artıq, lüzumsuz şeyləri toplamır. Bizim ölkəmizdə yeməkgeymək bir ehtiyac olan kimi, işləmək də bir ehtiyacdır. İşləmənin məhsulu faydadır. Hər kəs özünün gündəlik faydasını başqasının faydasına dəyişir. Pula ehtiyac varmı? Bu gün pulun yerini iş və fayda tutur. – Bu necə ola bilər? – deyə Həsən soruşdu. – İnsanların bir-birinə hörmət və etibarı var. Yalan, adam aldatma, tənbəllik və bu kimi fəna sifətlərə biz yalnız tarixdə rast gəlirik. Gəncin sözləri və şəhərdə gördükləri səyyahları son dərəcə təəccübləndirdi. Olduqları evə qayıtdıqdan sonra belə, gördüklərinin və eşitdiklərinin təsirindən qurtara bilmədilər. Sandro: – Həsən, – dedi, – mən artıq burada qala bilmərəm. Çünki gecəgündüz çalışan adamların arasında işsiz vaxt keçirmək canımı sıxır. Halbuki biz hələ bunlardan çox geridəyik. Bu yolda onlardan iyirmi qat artıq çalışmalıyıq. Həsən başını tərpətdi: – Bunlara çatmaq olarmı? – dedi. Sandro qəti səslə: – Olar. Biz də bunlar kimi adam deyilikmi? Ancaq qarşımızda duran maneələri qırıb atmalıyıq. – Elə! Elə! – deyə təyyarəçi əlini Sandroya uzatdı. Sandro Həsənin və mexanikin də əllərini əlinə aldı və böyük bir imanla dedi: – Biz də bunlar kimi yeni şəhər, sosializm şəhəri qura bilərik. Çünki hər bir şey bizim əlimizdədir, yalnız çalışmaq lazımdır. - O gün səyyahlar təyyarəyə minib qalxdılar və bizim dünyaya uçmağa başladılar. 1933 * * * Kitabxana.az · https://kitabxana.az/collections/cemenzeminli-hekayeler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1943). Public domain (author died 1943). Original text only.