Həyatımın 20 ili Yusif Vəzir Çəmənzəminli (1887–1943) HƏYATIMIN 20 İLİ Qarabağda talan var, Zülfü üzə salan var. Gedirsən tezcə qayıt Gözü yolda qalan var. Əslim qarabağlıdır, Sinəm çarpaz dağlıdır. Nə gələn var, nə gedən Məgər yollar bağlıdır? Qarabağda bağ olmaz, Qara salxım ağ olmaz, Qürbətdə yar sevənin Ürəyində yağ olmaz. Mən aşiqəm Qarabağ, Şəki, Şirvan, Qarabağ. Tehran gülüstan olsa Yaddan çıxmaz Qarabağ. Dağ başında yazı-yayı yaşıllığa, payızı-qışı dumana və qara bürünmüş bir şəhər təsəvvür ediniz. Bu mənim şəhərimdir. Onun tarixi çox qədim deyildir: iki əsr əvvəl Pənahxan Cavanşir və otuz iki adlı elləri ilə bu yerə gəlib, şəhər salır, ətrafına qala tikdirib oturur. Adı Pənahabad, ya Şuşa qalasıdır. Yeni xanlıq, Qarabağ xanlığı meydana çıxır. Araz çayına qədər hökmü yeriyən bu xanlıq bütün Iran şahları hücumuna baxmayaraq, çar istilasına qədər müstəqil olaraq yaşayır... Şəhərimizin tarixçəsi bu. Lakin hadisələr bununla bitmir: Vaqifin öldürülməsi, Abbas Mirzənin hücumu, çarizmin istilası... Şəhərin hər nöqtəsi bir tarix söyləyir: Ibrahim xan kahası, Məlik Şahnəzər kahası, Şahnişin, Cıdır düzü, Dovtələb, Divanxana qabağı, Topxana... hərəsi bir kitab, qanlı və dəhşətli bir səhifədir. Mən də bu macəralı şəhərdə dünyaya gəldim. Taleyim bu imiş. O zaman atam Mirbaba Mirabdulla oğlu Aşqabadda imiş. Mənim dünyaya gəldiyimə dair Şuşadan teleqram alır. O ayda evinə düşdüyü dostunun da bir qızı olmuş imiş. Iki ata çocuqların taleyini yoxlamaq üçün Iran təqviminə baxır, orada “Rəcəb əl mürəccəb ayında doğulan uşaqlar bəxtsiz olacaqlar”, – deyə yazıldığını atam gördükdə “gəl bunları evləndirəlim” – demiş və gülmüşdür. Atamın qeydinə görə mən hicrinin 1301-ci ili rəcəbin 20-də Şuşada dünyaya gəlmişəm, rəsmi vəsiqələrimdə isə doğuluşum 1887, sentyabrın 12-də olmuşdur. Şuşa o zaman əyalət şəhərləri içərisində ən mədənilərdən biri sayılırdı, realni məktəbi, orta qız məktəbi, şəhər məktəbi, erməni seminariyası, teatrı vardı. Əhalisi 40 minə qədər idi, bunun yarısı türk, yarısı erməni idi. Ermənilər şəhərin qərb cəhətində, türklər isə şərqində yaşayırdı. Türk hissəsi 17 məhəlləyə bölünmüşdü, bir çox xan sarayı, bütün məscidlər qədim hamamlar, rastabazarlar, karvansaralar vardı, şəhərin qalın hasar və bürcləri hələ qalırdı. Evimiz Çuxur məhəllədə, Mirdinli və Quyluq məhəllələrinin ayrıcında idi. Iki otağımız vardı, xırdasında yaşardıq, böyüyündə (kəllayidə) isə qonaq qəbul edərdik. Ikisinin arasındakı koridorun (qəfəxana) bir tərəfinə məkulat yığılırdı, o biri tərəfində də iri bir su küpü basdırılmışdı, tuluqçu Xan qızının bulağından tuluqda su gətirib oraya tökərdi. Kəllayi “bağdadı” idi – taxtadan düzəldilib üzərinə suvaq çəkilmişdi, xırda otaq isə çubuqdan hörülüb suvanmışdı, ikisinin də xırda şüşəli, enib-qalxma pəncərəsi vardı. Evin qarşısında daş döşəli xırda bir meydança, sol tərəfdə təndirxana, qarşıda ətrafına cağ çəkilmiş güllü-çiçəkli meyvə ağaclı gözəl bir bağça vardı... Bağça ilə küçə arasında daş tağlı dörd dükanımız sallaqxana icarəsində idi. Bunun aşağısındakı çubuq daxmada hamballar yaşardı, aclıq nəticəsi olaraq Iran Azərbaycanının Çəmənzəmin adlı kəndindən qaçıb gəlmiş bu ailəni atam bu daxmada yerləşdirmiş və böyüyünü evləndirmişdi. Bunlar bizimlə bir evli kimi idilər, uşaqları ilə bir yerdə oynar, məktəbə gedərdik. Sonralar “Çəmənzəminli” təxəllüsü qəbul etməm də bu ailəyə bəslədiyim məhəbbətdən irəli gəlirdi. Ilk çocuqluq dövrüm evimizin ətrafında – Aşağı meydanda, Bəylik eşiyində, Qapandibində keçmişdir. Oralarda çocuq marağı üçün bir çox görkəmli və əyləncəli şeylər vardı. Hələ ətrafımızda yaşayan hər Rəcəb - ərəb qaməti ilinin yeddinci ayı bir türk ailəsinin özünəməxsus bir macərası vardı. Yan tərəfimizdəki keçəl Səmədin evi idi, bunun arvadının biri gənc, biri yaşlı idi, bir də görürdün qışqırtı qopdu. Anam məni götürüb haraya gedərdi. Nə görərdik: keçəl Səməd əlində çomaq yaşlı qadının qabırğalarını sayır. Anam seyid olduğu üçün qonşular ona hörmət bəslərdilər – biz gələn kimi qovğa bitərdi. Bu dalaşma elə bir adi şəkil almışdı ki, yarım saatdan sonra kin unudulardı və keçəl Səmədin yaşlı arvadı ip kələfini ərinin qollarına keçirib, deyə-gülə yumaqlardı. Keçəl Səmədin üst tərəfindəki ev bir başmaqçının idi. Bunun ərdə bir qızı vardı. Gündə bir ərinin zülmündən qaçıb atası evinə sığınar, bir-iki gündən sonra əri əlində sivrim xəncər evi basıb öz arvadını qaçırardı. Bu da mütəmadiyən təkrar edilən bir hadisə olduğu üçün adi bir şəkil almışdı. Küçənin o tayı mamaça Xanxanımın idi. Bu qarı mamaçalıqla dul qızını və yeddi qız nəvəsini bəslərdi. Ən məşhur mamaça olaraq yalnız şəhər deyil, aran və dağ da onu tanırdı. Kahalarda və meşələrdə yaşayan qaçaqlar, görərdin, gecə yarısı at göndərib Xanxanımı gizlicə apardır. Qarı bir həftə yox olardı, bir gecə xələt və pulla geri dönərdi. Bu ailə ilə qonşudakı halvaçı Məşdinin arasında düşmənçilik vardı, tez-tez qovğa qopardı. Təsəvvür edirsinizmi? – Yeddi-səkkiz qadın Məşdinin yıxıq daxmasına hücum edir, qızlar daxmanın nallarına ip bağlayıb dartırlar, qara palçıqla hörülmüş daşlar tökülür, vəlvələ qopur... Dərənin kənarında çubuq bir koma. Dul bir qarı əri qaçmış qızı və kiçik nəvəsi ilə yaşayır. Il uzunu bu komadan həvə səsi gələr – hana toxunar: iki arvadın aylıq qazancı on manat edə-etməyə. Acyalavac, sönük bir həyat. Kiçik nəvə atasını xatırlamır, kişi evləndikdən bir neçə ay sonra ailəsini buraxıb getmiş, indi səsi arandan-dağdan gəlir – köçərilər arasında həkimlik edirmiş. Bir axşam qarı gəlib bizə çıxdı. Həyatın acılıqları əks etmiş üzü həm kədərli, həm də şən idi. Anama müraciət edərək: – Əziz bacı, – dedi, – axı qızın əri gəlib çıxmışdır. Bu axşam bizdədir, sabah tezdən gedəcək. Sən allah, kəlin baxın, sonra söz-bez çıxmasın... Zavallı qarı sonra çocuq olarsa, dedi-qodu olmasın deyə, qonşulara yalvarıb, şahid sifəti ilə evinə çağırırdı. Doğrudan da uzun illərdən bəri yox olmuş “həkim” arvadı ilə bir yataqda yatmışdı. Səhər tezdən “həkim” getdi, bir daha qayıtmadı, sonralar dağda öldürülüb çaya atıldığı duyuldu. Doqquz ay sonra arvadı əkiz doğdu, zavallı ailənin qayğısı bir qat daha artdı. Yanlarındakı daxma Palçıq Qasımın idi. Arvadı ilə mehriban bir həyat sürərdi, sonsuz olduqları üçün “qəlbləri sınıq” idi. Qasım altıyeddi ay davam edən qışı ac və işsiz idi, köçərilər gəlib dağa gedəndə, Qasım qazanca başlardı: süd, qatıq alıb satardı. Bir gün Qasımın xəstəliyini eşidib onlara pay aparmışdım, yaz yağışları başlanmışdı. Qasımın damı damır – komada quru yer yoxdu: qab-qacaqlarını polis “qalıq pulu” əvəzində apardığı üçün damcının altına qoymağa da bir şeyləri yox idi... Maraqlı qonşularımızdan biri də Kosa Əhməd idi. Ikimərtəbə gözəl evləri, cənnət kimi çiçəkli bağçaları vardı. Iki qarıyıb evdə qalmış bacısı il uzunu xalı toxuyub, kəllayiyə yığardı. Kosa da baqqallıqla onları bəslərdi. Bu üç subay adam böyük evin kiçik bir otağına yerləşmişdi – başqa otaqlar döşəli və tərtəmiz qalar, oralara qıyıb ayaq belə basmazdılar. Yazda həyət min rəng çalar, qıyıb bir bənövşə belə qırmazdılar. Doyunca yeməz, geyməz, girib-çıxmaz, əllərinə düşəni yığıb saxlardılar. Bu ailəni məqsədsiz zənn etməyin – nəhayət, Kosa Əhmədə bir gəlin bulacaqlarından ümidlərini kəsmirdilər. Nə etməli ki, bu nisgilli ailənin diləyi yerinə yetmirdi: qızların qul kimi satılan vaxtında Kosa Əhmədə qız verən yox idi. Neçə də versin. Əhmədin qaşı yox, kirpiyi yox, üzündə və qaşında tükdən əsər tapılmazdı. Ha üzünə və başına həna yaxırdı, ha hamama gedib, tövbə edirdi-bir şey çıxmırdı; bacıları da ki, nəzir aparmamış ocaq qalmamışdı. Amma deyildiyinə görə vaxtı ilə Əhmədin lopa bığları, sallaq birçəkləri varmış. Sonra, allah baisin evini yıxsın, pis yollara düşür, cüzam olur... Iştə, çocuqluğumun bir dövrünü əhatə edən insan həyatı! Əksəri səfil, ac, avam, sənətsiz-savadsız. Küçə çocuqlarına qoşulmaq bizə yasaq edildiyi üçün vaxtımızın çoxusunu taxtapuşa çıxıb qonşuları seyr etməkdə keçirərdik. Qonşularımızın ən zəngini kor A... idi: ikimərtəbə evi və böyük bağı vardı; ev böyük darvazalı yüksək hasarla qavranmışdı. A... qəddar bir müamiləçi idi, qızıl toqqa qurşar, qızıl saatının uzun zəncirini ipək arxalığının döşündən sallardı. Bu adam heç kəsə inanmazdı, kimsəni evinə buraxmaz və ailəsi də hamamdan başqa bir yer görməzdi. Çocuqları darvazanın arasından yad adam gördükdə, vəhşi qaz sürüsü kimi, ağız-ağıza verib bağırışardılar... Taxtapuşumuzdan bunların uzun artırmaları, dəmir taxtapuşun ətrafına qonmuş hədsiz-hesabsız göyərçinləri, dizə qədər çıxan yaşıl otlu bağları görünərdi. A.-nın bir qayınanası vardı, bunu kürəkəni evdən qovmuşdu, lakin arvadın getməyə yeri olmadığı üçün A.-nın korluğundan istifadə edərək, gizlincə olaraq onun evində yaşayırdı. Bunun bir dəst xeyir-şər paltarı vardı, yeni paltar ala biləcəyindən ümidini büsbütün kəsərək bu paltarı göz bəbəyi kimi saxlardı və yırtılmasın deyə, əyninə almazdı. Evdə əlinə düşəni, hətta kişi paltarı belə geyib dolanar, isti havalarda fitəli belə olduğunu görərdin. Bir gün A... arvadı ilə artırmada oturub danışırdı. Arvadı buna nə isə söyləyib, kişini düşündürdü. Bir də kişi özündən çıxıb bağırdı: – Nəcis quyusu bu tezliklə dolmaz. Hesabını bilirəm, yəqin qayınanam burada qalır, onun üçün tez dolmuşdur. Ayaqyolu quyusunun vaxtından əvvəl dolması ilə qayınanasının evdə yaşadığını sezən müamiləçi yerindən sıçradı, haradansa bir odun tapdı və odunu havada qolaylaya-qolaylaya baş otağa soxuldu. Otaqları bir-bir gəzib bir qapını bağlı gördü, odunla qapını sındırmağa başladı. Arvadı onu sakit eləmək istədikdə, onu qayınana zənn edib, odunu qoluna çırpdı... Bu vəqədən bir neçə il sonra A... öldü, bu ölüm evdə böyük bir şadlığa səbəb oldu: gənc, gözəl və zəngin qadın üçün yeni bir həyat başlayırdı. Onda mən məktəbdə idim, bir axşam adam yollayıb məni çağırdılar. Anamla bərabər getdik, qarşıma bir böyük qutu təməssük qoydular: oxuyub kişinin var-yoxunu arvadına bildirməli idim. Otuz min manatlıq təməssük vardı. Bunların arasında şəhərin ən məşhur mollasının yeddi yüz manatlıq bir təməssüyünü gördüm. Iki gün sonra məni yenə çağırdılar, yenə təməssükləri yoxlamaq lazım idi. Diqqətimi bir şey cəlb etdi: mollanın yeddi yüz manatlıq təməssüyü nə vasitə iləsə götürülüb, əvəzində üç yüz manatlıq təməssük qoyulmuşdu. Şəhərimizin iqtisadi vəziyyəti fəna olduğu üçün sənət və işi olmayanlar çəkilib kəndlərə və başqa şəhərlərə gedirdilər. Əhalinin ziyalısını Bakı və ən dələduz qismini də Aşqabad cəlb edirdi. Bir qismi də Borc kağızı, borc sənədi Ağdamda qazanc dalınca gedir və yayda, şəhərdə buraxdığı ailəsinin yanına dönürdü. Bu mühacirət qonşularımızda belə gözə çarpırdı: keçəl Səməd köçüb yerinə bir “lotu” zərgər gəlmişdi. O zaman şəhərdə böyük bir sərvət sahibi ölmüşdü, bu ölüm lotular üçün əlverişli bir vəqə oldu: yuxarıda adı zikr olunan məşhur molla o saat arvadını boşayıb bu zənginin arvadı ilə evləndi... Zərgər də bu məsələyə qarşı yabançı qala bilməzdi: zənginin iki gənc oğlunun xərcinə olaraq gecədə ziyafətlər verirdi. Çocuqlarla artırmadakı pəncərənin önünə toplanıb, kef məclisinə tamaşa edərdik: musiqi çalınır, xanəndə zəngulə vurur, çərəz yeyilirdi. Zərgər müsamirə proqramını tez-tez dəyişirdi, bir axşam bir dərviş çağırılmışdı, nağıla başladı. Məclisin ortasında ayaq üstə durub, cürbəcür hərəkətlər yaparaq nə gözəl nağıl söyləyirdi. Təsəvvür ediniz, bir nağıl üç ay davam etdi, hər axşam da dərviş hekayəsini dadlı bir yerdə kəsib, bizi maraq içində buraxırdı, o biri axşamı səbirsizliklə gözləyirdik... Vəba ili evdən dışarı çıxmamız yasaq edilmişdi, o ağır il zorla yadımdadır. Mollaların əmrlərinə görə bu “allah bəlasından” xilas olmaq üçün xalq ayaqyalın, başıaçıq cıdır düzünə müsəllaya çıxmışdı, allahın nəzərini “cəlb” etmək üçün o günü südəmər uşaqlara süd verməkdən analar mən olunmuşdu... Qorxunc il idi, adam milçək kimi qırılırdı. Əlimdə bir parça gilerməni və sarımsaq taxtapuşda oturub ətrafı seyr edərdim – gilerməni ilə sarımsaq vəba dərmanı sayılırdı. Evimizin arxa tərəfində Qara Aslanla qızı vəbadan ölmüşdü. Bütün qonşularımız qorxu içində idi. Indi bu Qara Aslanın və qonşuluğundakı Lal Sarayın evini Ları Muxtar almışdı. Bu Ları, zənnimcə şəhərin ən ucaboy adamı idi, arvadı ilə bərabər təndirdə çörək bişirib satardılar. Arvad həmişə əkiz doğar və hamısı da oğlan olardı. Mən Şuşanı tərk edərkən bunların 14 oğlu vardı. Eşitdiyimə görə sonralar Ları Muxtar təkrar evlənmiş və ikinci arvadından da bir sürü uşağı olmuşdu... Lal Sarayda bir sirr var idi, xalq arasında əyarı çox da yaxşı deyildi, deyərdilər ki, evində arvadlarla kişiləri görüşdürür. Kim bilir! Hər halda bu ən bədbəxt bir arvad idi: bir oğlu iflicdən yatağa yamanmışdı, böyüyü köçüb şəhərdən getmişdi və anasına heç bir köməyi dəymirdi, kiçiyi isə sərçə mütəxəssisi idi. Məhəllənin sərçələrini tiryəkə öyrətmişdi, tiryək nəşəsi gələndə bütün sərçələr uçub mürşidlərinin yanına gələrdi... Yazda, yayda çocuqlar üçün əyləncə çox olurdu, bizim üçün qış ən ağır fəsil idi. Yarımişıqlı otağımızın ortasında dördbucaq şəklində qayrılmış ocağın dövrəsində döşəkçələrə düzülüb, oturardıq, əzgil bişirərdik, şabalıd qovurardıq. Qapalı pəncərənin dışarısında duran toyuq, xoruzlar ayaqlarının birini qarnına çəkib, sanki bizə qibtə edərdilər. Ayaz axşamlar qulağımız küçədə olardı, bir də gözəl səslə oxurdular: Şorməzə noxud, ağca noxud, Əla yeməli noxud. Anamıza yalvarardıq, noxudçunu çağırardı, başı başlıqlı gənc buğlanan badyanı yerə endirib, tərəzini çıxarardı... Ah, nə dadlı dəqiqələr idi! Şorməzə noxud dadlı da olsaydı, yaz əyləncələrinə çatmazdı, yaza və novruz bayramına bir ay əvvəldən hazırlanardıq, anam ev tökərdi, xalılar, palazlar çırpılar, rəfdəki yığın-yığın qablar yuyular, evin içinidışını əhənglə şirələyərdik. Çocuqlara yeni paltar tikilərdi. Bilxassə çərşənbələri təntənə ilə keçirərdik: çərşənbə dişərdik – ürəyimizdə bir niyyət tutub qonşuların danışığını gizlincə dinlərdik və eşitdiyimiz ilk sözləri yozmağa başlardıq. Sonra tonqal qalayıb üzərindən atılardıq, fişəng- taraqqa atardıq, toran qovuşanda da anam kiçicik piy şamlar yandırıb evin iç və dış divarlarına yapışdırar, işıq aləmə yayılardı. Nəhayət bütün ailəmiz lobyalı aş süfrəsinin ətrafına toplanardı (çərşənbə və novruz axşamları lobyaplov yemək qayda idi). Novruz daha dəbdəbəli olardı: yeni ilin girəcəyi vaxtı öyrənib, hazırlaşardıq – hamı təzə paltarda, süfrəyə çərəz və səməni otu qoyulmuş, könülaçan söz danışılır... El adətincə, il nə vəziyyətdə qarşılansaydı, o vəziyyət ilin axırına qədər davam edərdi. Böyük qardaşım saata baxıb, deyərdi: Köhnə ili təzə ilə döndərən allah, Sən bizim əhvalımızı yaxşı elə. Sonra gedib məsciddən il təhvil suyu gətirib məkulat qablarına tökərdik ki, bolluq olsun. Bizim evin özünəməxsus bir etiqadı vardı, bu etiqad islamiyyətin zərdüştiliyə bulaşmasından ibarət idi. Nə atam, nə anam namaz qılmazdı, amma hamımız xalq adətlərini təqdis edərdik. Məsələn, orucluğa on beş gün qalmış – “barat axşamı” – hərə bir şiş götürüb, dinləyərək bağçanı dolaşardıq. Guya o gecə yerin altındakı bütün xəzinələr Fatmeyi-Zəhraya cehiz gedirmiş: cingilti gələn yerə şiş taxılsaymış, xəzinə oradaca durarmış. Təbiidir ki, bütün səyimizə baxmayaraq bir dəfə də olsa, xəzinəyə rast gəlmədik. Yenə eyni “barat axşamı” barlı ağac dibinə iki yumurta, bir az qara, bir az da qırmızı boya qoyardıq və gələcəyimizi bilmək istərdik. Səhər tezdən həyəcanla ağacın dibinə qoşardıq, bir dəfə niyyətlə qoyduğum yumurtanın bir tərəfinə qırmızı ləkə düşmüşdü. Nə qədər sevindim. Yaz dumanı şəhəri bürüyür, göz-gözü görmürdü. Rütubətli gündə haraya gedəcəksən ki... Yenə pəncərəni salıb, ocağın qırağına yığılardıq – dumana qarşı tədbirlər lazım idi. Bir ip götürüb, şəhərdəki keçəllərin yeddisinin adına düyün salıb ocaqda yandırardıq, sonra dumanın özünə müraciət edərək onu qorxudardıq: Duman qaç, qaç, qaç, Səni qayadan atarlar. Dumanın qaçması üçün hər kəs çalışardı. Çocuqlar dodu gəzdirərdilər. Üzərinə qırmızı şilə çəkilmiş bir dairədən ibarət olan dodu günəşin müqəvvası idi. Bunu qapı-qapı gəzdirib oxurdular: Dodu dodunu gördünüzmü? Doduya salam verdinizmi? Dodu gedəndən bəri Bir gün üzü gördünüzmü? Eşşək batıb palçığa Ayağından nal çıxa. Qaraqayanın dibindən Bir qırmızı gün çıxa... Qızlar da ayrıca olaraq günəş həsrətində oxuşardılar: Gün getdi su içməyə, Qırmızı donun biçməyə. Keçəl qızın qoydu evdə, Saçlı qızın götdü-gəldi, Budu gəldi ha, budu gəldi. 1 Şuşanın şərqində bir dağ adıdır (müəllif). Atam Ağdamda nüsxəbəndlik edərdi. Və şəhərə ildə üç-dörd dəfə gələ bilirdi, hər gəldikdə də bir həftə qalardı. Bu gözəl həftələr anamız üçün deyil, yalnız biz çocuqlar üçün gözəl idi: meyvə, xoruzbeçələr, yağ-yavanlıq gətirərdi. Yeyərdik, içərdik, xoruzbeçələrlə əylənərdik, nəhayət gözəl həftə gəlib keçər, zavallı atamın pulu qurtarardı və şənbə günü yenə kəndə yola düşərdi. Bu gözəl həftələrin özünəməxsus bir faciəsi vardı – atamla anamın sözləri bir-birinə xoş gəlməzdi, nəticədə atam həmişə şikayətlənər, anam da ağlardı. Bu övza bizim körpə ürəklərimizdə dərin kədərlər oyadardı. Lakin səbəbini dərk edə bilməzdik. Böyüdükdən sonra ailə faciəsinin sirrinə vaqif olmağa başladım. Atamın birinci arvadı ölmüşdü, ikincisini boşamışdı, anam üçüncüsü idi. Atam anamdan yəqin, iyirmi beş yaş böyük idi. Ailə faciəsinin sirri burada idi. Anam atama qarşı hörmətsizlik etmirdi, vəfasızlığı fikrinə belə gətirmirdi, ancaq qismətə inanaraq bəxtindən küsmüşdü. Bu həyata qarşı olan küskünlük bizə də sirayət etmişdi, bilxassə mən həyatımın sonuna qədər uğursuz olacağına çocuqluğumun ilk dövründən inanıb, qəlbimdə qəm kitabı daşıyırdım... Həyatın acılıqlarını duyaraq çocuq xəyalıma qəribə fikirlər gəlirdi: “Ərəbistanda olsaydım, yəqin peyğəmbər olardım” – deyə düşünürdüm... Peyğəmbər neçin? Dərdliləri ətrafıma toplamaq üçünmü? – xatirimdə deyil. Məktəb yaşına çatmışdım, məni aparıb kar xəlfənin (Molla Mehdinin) məktəbinə qoydular. Böyük bir otaqda otuz – qırx tələbə oturmuşdu, aralarında bığ yerləri tərləmişləri də vardı. Xəlfə yuxarı başda döşəkçənin üstündə oturub dərs deyirdi. Yanındakı küncə falaqqa və bir dəstə çubuq söykənmişdi. Dərs haqqı ayda iki şahıdan beş şahıya qədər idi: hallı halına görə. Mən beş şahı verdiyim üçün bəzi imtiyazlarım vardı; mollanın yanında oturardım, hərdən məni içməli su dalınca göndərərdi, dərsimi də bizzat özü deyərdi, “ikişahılıqlar” kimi böyük tələbələrə tapşırmazdı. O zaman məktəblərdə dərs fars dilində keçilərdi, türkcə məktəb kitabı yox idi. Yazma çərəkə vasitəsilə əlifba öyrədildikdən sonra Quran, Sədi, Hafiz, Tarix-Nadir, Cameyi-Abbas oxudardılar, “məşq” yazdırardılar, bu da müəyyən formalı məktub və tüccari övraqlardan ibarət idi. Tələbə Quranı oxuyub bitirdikdə molla ona bərk bir şapalaq çəkər və Şəxsən Övraq - “vərəq” sözünün cəmi. sonra əllərinin baş barmaqlarını iplə bağlayıb Quranı üstünə qoyardı, yanına da bir tələbə qoşub evlərinə xələt dalınca göndərərdi. Hər bir tələbənin dərsi başqa-başqa idi, bir-bir mollanın yanına gəlir, dərsini alıb çəkilirdilər. Molla hərdənbir çubuğu yerə vurub: “Oxuyun” – dedikdə, hər ağızdan bir səs çıxıb, məktəb gurultu ilə dolardı. Günorta azanına qədər bu qayda ilə oxurduq, sonra bizi çaşda buraxardılar, nahar edib, təkrar geri dönərdik. Bu dəfə molla bizi böyük tələbələrə tapşırıb sabah ertə aldığımız dərsi dişətdirərdi. Kimin neçə səhvi olsaydı, yazılıb mollaya təqdim edilərdi. Falaqqa ortaya çəkilər, kiminin ayaqlarına, kiminin əllərinə çubuqdan döşərdi. Növbə gələnə qədər başımıza çarə arardıq: əlimizi sürətlə döşəməyə sürtüb keyidərdik ki, çubuğun ağrısını bilməyək. Ayaqların da çarəsini tapanlar olurdu: bəzi tələbə özü ilə məktəbə dalaq gətirər, ayağının altına yapışdırıb corabı üstündən geyirdi. Molla bir-iki çubuq vuran kimi dalağın qanı corabdan dışarı çıxırdı və molla qorxuya düşüb, falaqqanı endirirdi. Məktəbin özünəməxsus qaçaqları olardı, qaçmış tələbənin dalınca üç-dörd igid tələbə göndərilərdi, şəhəri gəzib qaçağı tutardılar, məktəbə gətirilən kimi, falaqqa hazır olardı: nə yemisən, turşulu aş. Qışda məktəb daha da əyləncəli olurdu: hər üç-dörd nəfərin biraxsı manqalı vardı, evdən kömür gətirib onu qalardıq. Beytləşmə başlanardı: -Bismillahi çəkdim, düşdüm meydana. Gözüm düşdü sənin kimi ceyrana – a gətir. -A içində biqərarəm. Aç başını, gör necə yararəm – m gətir. – Minmərəm, mindirmərəm, mən aləmi dindirmərəm. Dü zəbər kaf istərəm, dü zəbər lam – gətir görüm... Saatlarca davam edən bu yarışda yüzlərcə beytlər söylənərdi. Axırda bir tələbə o birini bağlardı. Başqa bir müsabiqə başlanardı: iki tələbə bir-birinə sıra ilə yumruq döşərdi, yumruğa tab gətirməyib qaçan basılmış sayılardı. Zarafat yarışına girişilərdi: bir-birinə ən kəskin söyüşlər söylərdilər, sınmayan qalib çıxardı. Tələbələr arasında itbaz, xoruzbaz, bildirçinbaz və başqa bazlar olardı. Şəhərdə bazlıq ətrafında söylənilən bütün yenilikləri sabah ertə bir-birinə xəbər verərdilər, sonra mülahizə və mühakimə yürüdülərdi. Məsələn: “Qəssab Balakişinin qancığı bu axşam küçükləmişdir”, hər kəs qulağını şək tutub, sual verir. Küçüklərin rəngi necədir, xalı varmı, neçəsi dişidir, neçəsi erkək... Küçüklər haqqında təfsilatlı məlumat almaq üçün o saat bir tələbə seçib molladan xəlvət qəssab Balakişinin həyətinə göndərərdilər. Bunlara baxmayaraq məktəb yenə bir zindan idi və arabir bizi bu zindandan qurtarana minnətdar olurduq. Bir də görürdün içəri bir arvad girdi, məktəb kiriyib susurdu. – Ay xəlfə, səfərə gedənim var, ona dua oxu, uşaqları da azad elə. Arvadın mübarək abbasısı mollaya çatan kimi dua başlayırdı, biz də amin çəkirdik. Amma amini elə ürəkdən çəkirdik ki, məktəb titrəyirdi. “Azadsınız” sözü qulağımıza dəyər-dəyməz başmaqları ayağa keçirib, bir-birimizi sıxışdıra-sıxışdıra qapıdan sivişib çıxırdıq. Doğrudan da azadlığın böyük nemət olduğunu dışarıda, təmiz havada duyurduq. Kar xəlfə böyük bir məfkurə daşıyırdı – Ağa Məhəmməd şahın Şuşada öldürülməsindən sonra Qarabağ hökmdarı Məmmədbəyin basdırdığı qızılları tapacağına inanırdı. O, bu yolda çox pul və əmək sərf edirdi. Kim bilir bəlkə də haqlı idi. Qarabağ xanlarına məxsus sarayın bürcünü təmir edərkən bir bənnanın oradan bir sərnic qızıl tapdığı hamıya bəlli idi. Saray da Bəylik eşiyində, kar xəlfənin evindən bir az o yana idi. Xülasə kar xəlfə o civardakı xırda evləri bir-bir satın alır, tələbələrinə uçurtdurur, tir-taxtasını və daşını bizə daşıtdırırdı. Çox ev sökdük, çiynimizdə çox daş daşıdıq, lakin Fatmeyi-Zəhranın cehizi bizə nəsib olmayan kimi Məmmədbəyin də qızılları kar xəlfəyə nəsib olmadı. Böyük qardaşım Əbülhəsən realni məktəbdə oxuyurdu. Çox ciddi və sərtdi, türkcə-farsca və rusca mükəmməl bilir, şeir və pyes yazırdı, eyni zamanda dərslərindən də birincilik qazanır və hər il tərifnamə ilə təltif olunurdu. Əbülhəsən evin böyük kişisi idi, atamın əvəzinə xeyrə- şərə o gedər, evdə də ona tabe idik. Qayda belə idi. Ən böyük qüsuru bizi çocuq əyləncəsindən məhrum etməsi idi. Bir dəfə qarın üstündə araba sürməyimi duymuş, arabamı sındırıb, məni də döymüşdü. Buna baxmayaraq çocuqluq öz haqqını tələb etməkdən çəkinmirdi – qardaşım məktəbdə ikən, biz oynayıb əylənirdik. O zaman Təbrizlə Şuşa arasında alver olurdu – Irandan yüzlərcə xurma yüklü eşşək gələrdi. Qapandibi adlanan böyük meydançada yüklər açılar, qapanda çəkilərdi. Daşaltı adlı erməni kəndinin dəyirmançıları da hər səhər buraya qatırlarda un gətirərdilər; ətraf hamısı əllaf dükanı idi. Qapandibi çox qələbəlik olardı, bizim üçün də orada əyləncə çox idi – eşşəklərə minib çapışardıq. Lakin oradakı karvansaraya girməyə cəsarət etməzdik. Karvansaranın dəyirmi meydançasından yuxarı meydana qədər dar bir küçə gedirdi, o tay bu tayı da başmaqçılardı. Dünyanın dələduzu buraya toplanmışdı. Ötüb-keçənə söz atar, çərməki çalardılar, qışda yerə çiriş səpərdilər, xalq sürüşüb yıxılardı. Pişiklərin quyruğuna dəmir qutu bağlayıb buraxdıqları da olardı, qutu yerə dəyib cingkildədikcə, pişik ürküb qaçır, bazar xalqı əylənirdi. Cövləngahlarımızın biri də Aşağı meydan idi. Burada bir hamam, yanında dəllək dükanı, iki baqqal, iki də əttar dükanı vardı. Qışda bura maraqlı olmazdı – palçıq dizə çıxardı; xoş havalar başlananda bura bir aləm idi. Xoruzbazlar xoruzunu, qoçbazlar qoçunu gətirir, döyüşmə başlayır. Döyüşə girmədən əvvəl xoruzlara istiotlu kişmiş yedirib qızışdırardılar. Qoçlar da ki, il uzunu xüsusi olaraq bəslənər, süsünə də ayrıca diqqət verilərdi: başına həna yaxardılar, buynuzları yağlanardı, boynundan gözmuncuğu asardılar. Hər baqqalın dükanının qabağında bir dəstə gənc oturub yemək mərcinə girişərdi. Kim daha çox yeyər məsələsi günün mühüm hadisələrindən sayılardı. Mərci həmişə Tamas qazanardı, birincilik onda idi. Tamas gödəkqılça, geniş kürəkli, qıvrım saçlı, zənci sifətli bir türk idi. Tamas bir oturuma beş girvənkə turş alça, üstündən də üç girvənkə qıcqırmış qatıq içərdi. Kimin hünəri var Tamasa çatsın – çata bilməz ki, Tamas şəhadət barmağını havada tərpədə-tərpədə bir tabaq tut yeyir... Tamas bir qəlib sabun yeyir... Bu müsabiqələrə alışmış baqqal ayaqlarını bir çanaq sərin suya qoyub, başına da islaq kətan salıb mürgü döyürdü – Tamas qaçmayacaqdı ki... Bu muxtar meydanın asayişini yalnız aksiz məmuru pozardı. Irandan qaçaq keçirilmiş çayın satılması yasaq idi. Buna baxmayaraq şəhərdə satılan çayın çoxu Təbriz çayı idi. Çayı aksiz məmurunun əlinə keçirməmək üçün var qüvvə sərf olunurdu: məmur türk hissəsinə ayaq basar-basmaz, uşaq qaçırılıb bütün əttarlara xəbər verilərdi. Bunu məmur duymuşdu, odur ki, bəzən dolanbac küçələrlə gəlib birdən basqın yapardı. Bir gün məmur ansızın meydanın girəcəyində Seçilmiş, müstəqil, azad Vergi göründü. Əttar onu görüb özünü itirmədi: cəld dükandan sıçrayıb, ağaca bağlanmış qoçun yanındakı saman torbasını dalına atdı və məmurun üzünə baxaraq nəzərini cəlb etdikdən sonra küçəaşağı qaçmağa başladı. Məmur torbadakının çay olduğunu zənn edərək əttarın dalınca qoşdu. Camaat da yerindən qopdu – əttar qaçır, məmur qovur. Cəfərqulu xanın sarayına çatanda əttar torbanı yerə qoyub durdu və ağzına gələni məmura deməyə başladı: “Sən nə haqla mənim dalıma düşmüsən? Mən qaçaqçı deyiləm ki. Evə saman aparıram...” Bu dəfə iş dəyişilmişdi, əttar məmurun yaxasından əl götürmürdü, onu qanunla qorxudurdu. Zavallı məmur bu oyunun dükandakı çayı gizlətmək üçün bir vasitə olduğunu anlaya bilmirdi. Kar xəlfənin məktəbindən, görünür, əməli bir nəticə çıxmırdı. Bir dəfə atam şəhərdə olanda dərsimi dişəmək istədi. Axşam idi, ayağımı yumaq bəhanəsilə həyətə çıxıb orada ləngidim və atam yatdıqdan sonra otağa dönüb, yavaşca yerimə uzandım. Dişənməkdən yaxamı qurtardımsa da, atam məsələni anladı və həftənin sonunda məni özü ilə Ağdama apardı. Karvansaranın küncündə yarıişıq bir nüsxəbənd dükanımız vardı. Bir tərəfinə buxarı və qəfəslərin arxasına da geniş bir çarpayı yerləşmişdi, orada atamla bərabər yatardıq. Çarpayının üzərindəki şəlitlərdən atam üzüm asardı və kənardakı rəflərə də qarpız düzüb çilləyə saxlardı. Yerə ilk qar düşəndə buxarını qalar, qarpızı yeyib, buxarının yanındakı yatağa girərdi. Titrədikcə: – Bala, üstümü basdır, – deyər, mən də ələ gələn şeyləri onun üstünə tökərdim. Qızışdıqdan sonra qəlyan istərdi. Şiraz tənbəkisi ilə dolmuş qəlyan hazır olardı. Dükanda hər cür qab-qacaq vardı, buxarıda bişmiş bişirərdik. “Günün bir hissəsi bişmişə, müştərilərə və dükanın ehtiyacına sərf edilərdi, qurtarmaqda olan davaların siyahısı tutulub, şəhərdə tədarük edilmək üçün qardaşıma göndərilərdi. Nüsxəbəndlik yavaş-yavaş aptek şəklinə düşürdü, nəbati davalarla bərabər, fabrik əczaları da satırdıq. Lakin əsas davalar yenə nəbati idi, bunların bir qismi (xiyar çənbər səna, tərəncəbir, qara həllə kimi) Irandan gəlir, o biri qismi (ayıdöşəyi, gülxətmi, babına çiçəyi, göyzəban, kasni kimi) Qarabağ dağlarından yığdırılırdı, cürbəcür həbləri, civə yağını və müshil kimi şeyləri özümüz hazırlayırdıq. Atamın tətbiq Əttar - ətriyyat, davacat (ədviyyat) satan Yoxlamaq etdiyi tibbin əsası istiliklə soyuqluq üzərində qurulmuşdu. Guya xəstəlik bədəndə bu xassənin birinin digərinə üstün gəlməsindən əmələ gəlirmiş. Bütün yeməli və içməli şeylər də istilik və soyuqluq artıran deyə, ikiyə bölünmüşdü. Məsələn: düyü, kartof, kələm, qarpız, turşu, yumurtanın ağı soyuqluq artırandır, bal, ədviyyə, yumurtanın sarısı istilik artırandır. Xəstəlik istilikdən irəli gəlmişsə qan aldırmalı, soyuqluq artıran şeylər yedirməli və əksinə. Babasil xəstəliyi guya iki xassəyə də istinad edə bilərmiş. Bunun üçün xəstəni yoxlayırlar. Isti kərpicin üstünə bir parça keçə qoyub, üzərinə bir çiy yumurta çırpırlar və xəstəni onun üstünə oturdurlar. Bədən ehtiyacına görə ya yumurtanın aqını içəri çəkir, ya sarısını. Bu şərq təbabətinin musiqi ilə tədavi etməsi daha maraqlı idi... Sill, diqq və kif xəstəliklərinə çubi çini verərdilər. Çubi çini xırda köklərdən ibarətdir ki, xarab olmamaq üçün onu həmişə şəkərdə saxlarlar. Müalicə qırx gün davam edər və xəstənin ruhunu yüksəltmək üçün hər gün yanında oxuyub, çalarlar. O zaman Ağdam geniş dördbucaq şəklində tikilmiş bir karvansaradan ibarət idi. Içi başdan-başa arxası mənzilli dükanlar idi. Karvansaranın dörd darvazası vardı ki, axşamlar qapanardı. Karvansaranın dışarısında bir hamam, məscid, mehmanxana, məhkəmə, poçt, aptek və bir neçə xüsusi bina vardı. Şose yolla karvansara arxasındakı meydanda həftəbazarı olardı. Deməli hər bazar günü ətraf kəndlilər, arvadlı-kişili, məhsullarını bu bazarda satıb əvəzinə başqa mallar alardılar. Buğda, un, düyü, meyvə... dağlar qədər təpələnərdi, qoyun, mal-qara sürüsürü gələrdi, yumurtanın səkkizi-doqquzu bir şahıya satılardı... Karvansaranın içində də adam əlindən tərpənmək olmazdı: hacılar, kərbəlayılar, məşədilər min andla kəndliyə mal sırıyardılar... Axşamçağı bazar bitər və hər kəs şəhərə, ailəsinə pul göndərərdi. Anamın “həftə xərcliyi” iki manat yarım, qardaşımınkı bir manat idi, evin illik məkulatı ayrıca göndərilirdi... Adi günlərdə günortadan sonra işimiz az olduğundan, dərs oxuyurduq. Atamın özünə məxsus bir dərs üsulu vardı – Quran oxutmaz, döyməz və həvəsim olmayan zaman məni dərs oxumağa məcbur etməzdi. “Oxuyaqmı?” – deyə sual verərdi, dinməsəydim, “get oyna, sonra gələrsən, oxuruq”, – deyərdi. Karvansaranın ortasına çıxıb çocuqlarla doyunca oynardım. Atam bizə bir çərəkə, bir də bir fars-türk lüğəti yazmışdı. Ilk dərsimiz bu idi. Sonra savadım artdıqca Füzuliyə, Sədiyə və Hafizə keçdik. Atam avam, savadsız, riyakar, acgöz dükan qonşularımıza nisbətən çox yüksək bir sima idi. Iranı, Turanı və Türkiyə torpağının bir qismini gəzmiş, fars ədəbiyyatını mükəmməl bilir, beynəlmiləl siyasətlə maraqlanır, din və mövhumata da inanmırdı. Bir məclisdə “Firdovsi Məhəmməddən yuxarıdır” dediyi üstə şəhərdə vəlvələ qopmuş və “sofiməzhəb” ləqəbi almışdı. Bir dəfə şəhərin hər kəsdən bac alan məşhur mollası atama: “Ağa, Ağdamın qırqovulunu, kəkliyini tək yeyirsən” – dedi. Atam bir məsəl çəkdi: – Ermənilərdə bir qayda var, – dedi, – camaat keşişə donuz göndərər, keşiş donuzun ətini yeyər, tükünü də verər müridlər bığlarına çəkərlər. Heç olmasa ağa, yediklərinin tükündən göndər, mən də bığıma çəkim. Atam namaz qılmazdı. Bir səhər evimizdə qonaq qalmış bir hacı namaza başlar-başlamaz, atam da canamazı çıxarıb namaza durdu. Qonaq gedəndən sonra canamaz da yox oldu. – Niyə həmişə namaz qılmırsan? – deyə atama sual verdim. Atam dedi: – Allah mənə patronu onun üçün verməyib ki, atıb korlayam, eşşək görəndə atıram. Dükan qonşuluğumuzda Hacı Məlik adlı riyakar bir sövdəgər vardı, axşamlar namaz qılanda səsi karvansaranı qaplayırdı, gündüzlər isə qonşuların toyuqlarını dükanın dalına salıb yumurtladıb buraxırdı. Birisi bir dəfə atama sual verdi: – Ağa, sən ki, sofiməzhəbsən, bəs oruc niyə tutursan? Atam dedi: – Elə bilirsən allahdan qorxuram, qorxum bu köpək oğlu Hacı Məlikdəndir. Şəhərimizin bütün maarifçiləri gəlib Ağdamdan keçəndə atamın yanına gələrdilər: Əhmədbəy Ağayev, Haşımbəy Vəzirov və Əbdürrəhimbəy Haqverdiyev bu ziyarətçilərdən idi. Atam Şərq muğamatını da gözəlcə bilərdi, Qarabağın məşhur xanəndəsi Hacı Hüsü atamın şagirdi olmuşdu. Ağdamda kənd məktəbi olmadığı üçün çocuqlar Muradbəyli kəndinə getmək məcburiyyətində idilər. Rusca oxumaq üçün atam məni də Muradbəyli məktəbinə göndərirdi, hər səhər təqribən bir saat yol gedərdik. Burada hökumət seminariyası bitirmiş üç türk müəllimi dərs deyirdi. Bunların tələbəyə qarşı rəftarı olduqca sərt idi: bol şapalaq və kötək yeyərdik, sinifdə bir şey yeyənin ağzına səttarə ilə döyərdilər. Zatən adam döymək o zaman zəruri görülən şeylərdən biri idi: bəy nökərini ağaca sarıtdırıb döydürərdi, pristavlar kəndliləri palçığa salıb döydürərdi... Qana bələşmiş insanları görərkən körpə qəlbim nə qədər acılıqlar duyardı. Zülmün həddi, hesabı yox idi. Bilxassə, kazak görəndə əhali titrərdi. Yadımdadır, Əfətli kəndinə qaçaqlıqla mübarizə üçün yüz kazak göndərmişdilər. Bu kazaklar neçə ay kənddə qalıb, kəndi xaraba qoydu, bütün mal-qaranı kəsib yedilər, qadınların namusuna toxundular, adam öldürdülər və kəndlilərin var-yoxunu götürüb getdilər. Buna hökumət dilində ekzekusiya deyərdilər... Məktəb müdiri qarasaqqal, bığlarının ucu sallaq bir kişi idi. Sarı düyməli rəsmi tujurkasının yaxası yağlanmışdı, kətəyə bənzər köndələn çinləri solmuşdu. Sonralar eşitdiyimə görə bir dəfə inspektor gəlib məktəbi yoxlayır, hər yerdə intizamsızlıq görür, toz-torpaq, çirk gözünə çarpır... Məmnun olmayaraq məktəbdən çıxarkən, bir it sıçrayıb ona hürməyə başlayır. Müdirimiz inspektora xoş gəlmək üçün yerdən bir daş götürüb itə atmaq istəyir. Inspektor onun qolundan yapışıb: – Onu vurma, bu məktəbdə yalnız o, vəzifəsinə sadiqdir, – deyir. 1896-cı ildə Şuşaya döndüm, hazırlanıb realni məktəbinə girməli idim. O zamana qədər bu məktəbdə yalnız bəy balaları oxurdular, indi tacir və əsnaf arasında da bu məktəbə həvəs oyanırdı. Çocuqları realni məktəbinə hazırlamaq üçün Camalbəy, Səmədbəy Ağayev kimi müəllimlər tərəfindən xüsusi məktəblər açılmışdı. Mən də qısa bir müddət bu məktəblərə davam edib, sonra yenicə açılmış rus-tatarməktəbinə girdim. Müdiri Haşımbəy Vəzirov idi. Iki rusca, bir türkcə, bir də elmi-ilahi müəllimi vardı. Haşımbəy o zaman maarif sahəsində böyük fəaliyyət göstərərdi, məktəbi təşkil etdikdən sonra, böyüklər üçün rusca axşam kursu açdı, “dumanlı” şəkillər göstərib, nəsihətli izahlar verərdi, Şekspirin “Otello”sunu türkcəyə çevirmişdi, xalq ədəbiyyatını toplardı. Yayda Ə. Haqverdiyevin və şəhərə dönmüş müəllimlərin köməyi ilə teatr tamaşası verərdilər. Geniş kütlə Mirzə Fətəlinin və Haqverdiyevin əsərləri ilə ilk dəfə olaraq tanış olurdu. Nəhayət, 1904- cü ildə erməni artisti Abelyanın rəhbərliyi ilə “Otello” da türk dilində oynandı. Otello rolu Haşımbəyə verilmişdi. Rus-tatar məktəbində dərslərin gedişi yaxşı da olsa, tələbəyə qarşı rəftar yenə köhnə idi. Haşımbəyin özü olduqca qaba bir adamdı: tələbələrin hərəsinə bir ləqəb qoşar, döyəndə də heç məsuliyyət duymazdı. Bir dəfə təbaşiri birisinin başına vurdu, qan fışıldadı. Elə zəhmli idi ki, küçədə tələbələr onu gördükdə qaçıb gizlənərdilər. Elmi-ilahi müəllimi də ondan geri qalan deyildi, uşaqlar adını “molla zoru” qoymuşdular. “Molla zoru” başmağının nalını taqqıldada-taqqıldada tələbəyə yanaşıb başının tüklərini qopardar, sonra piləyib havada uçurardı. Bir il sonra bu məktəbi tərk etdim və imtahan verib realni məktəbin birinci hazırlıq sinfinə girdim. Məktəbin formasını sevinclə geydim. Bu da buluz, kənarı sarı zehli şapkadan ibarət idi: şapkamızın qabağında princ yarpaq arasında “Ş.R.U.” (Şuşa realni məktəbi) hərfləri düzülmüşdü. O vaxt bu məktəbə girmək türk arasında böyük şərəf sayılırdı. Mən də şəxsən bu şərəfi duyur və saxlayırdım. Qapandibinə, Aşağı Meydana, Bəylik eşiyinə çoxdan vida demişdim. Qardaşım sevincimizi Ağdama bildirdi, atamdan cavab aldıq: mənə həftədə bir abbası maaş təyin etdiyini bildirir və yaxşı oxusam maaşımın artırılacağını vəd edirdi. Bir dənə abbası. Abbası ilə zarafat etmək olarmı? Bir abbasıya aşbaz Balışdan dörd piti, ya lavaşçı Iskəndərdən iyirmi dənə ağ lavaş almaq olardı... Qardaşımın maaşı bir manata qədər çıxmışdı. Qardaşım bu pulları divardan asılmış xüsusi bir qutuya salıb, ilin axırında bir neçə rus məcmuəsinə abunə yazılardı. Mən də bu yolu təqib etdim. Şuşadakı realni məktəbi tədris və təchizat e tibarilə Qafqaz orta məktəbləri sırasında birincilərdən sayılırdı. Mükəmməl fizika kabinəsi, böyük kitabxanası vardı. Direktoru və bütün müəllimləri rus idi. Yalnız fransızca Əhmədbəy Ağayevə, almanca da bir erməni müəlliminə verilmişdi. Erməninin olması təbii idi, çünki onların orta məktəbdə dərs deməyə ixtiyarları vardı, amma bu haqdan türklər məhrum idi. Deməli, Əhmədbəyin müəllim olması təsadüfi bir iş idi. Elmi-ilahi dərsini həkim Mirzə Sadıq və hazırlıqda türkcəni Haşımbəy verirdi. Məktəbdə üçdörd yüz erməniyə müqabil yalnız otuza qədər türk tələbəsi vardı. Xalq çocuqlarını rusca öyrədib, məktəbə verməyə hələ alışmamışdı. Ancaq get-gedə türkün sayı aşağı siniflərdə artmağa baş- Bürünc, tunc layırdı. Çünki türk burjuaziyası qüvvətlənir, onu dədə-baba baqqallıq və bəzzazlıq artıq qane etmirdi, türk tacirləri malı erməni topçularından deyil, bilavasitə Moskvadan almağa başlamışdı. Onlar elmə praktiki olaraq yanaşırdılar, çox pul qazanıb, rəqabətdə müvəffəq olmaq üçün rusca bilmək və elmli olmaq lazım idi. Odur ki, balalarının hazırlığı üçün çox pul xərcləyirdilər, bir çoxları uşaqlarını leyli olaraq rus ailələrinə verirdilər. Qəribə burasıdır ki, ruhanilər minbərlərdən şapkaya qarşı küfr yağdırdıqları halda, çocuqlarını realni məktəbə göndərməkdən çəkinmirdilər. Zatən ruhanilərin xalq arasındakı nüfuzu sarsılmada idi. Irəlilər şəhər əhalisi üsuli və şeyxi deyə, iki təriqətə bölünmüşdü. Yuxarı Gövhər ağa məscidi şeyxilərin, aşağısı da üsulilərin inhisarında idi. Bütün başmaqçı bazarı, hamballar və başqa əsnaf şeyxiliyə, tacirlərin bir qismi, az-çox oxumuşlar və bəylər üsuliliyə mənsub idi. Aralarındakı mübahisəli məsələlər qəribə idi: şeyxilər deyirdilər ki, əşya mükəlləfdir, yəni bütün yaradılmış şeylərə dinin qəbulu təklif olunmuşdur. Məsələn, sərçə qəbul etməmiş və ziyankarlığa başlayaraq Ibrahim peyğəmbəri oda atanda dimdiyində çöp gətirib ocağa tökmüşdür, qarpız, badımcan, xiyar... dini qəbul etmiş, ya etməmiş, ancaq etmələri vacib imiş... üsulilər bu nəzəriyyəni inkar edirdilər. Şeyxilər kişmişin bütöv olaraq xörəyə qatılmasını haram bilirdilər, çünki kişmiş şişdikdə içində dönüklük əmələ gəlib, çaxır ola bilərdi. Haramzadə üsulilər bunu da inkar edirdilər... Əhalini belə “mühüm” məsələlər məşğul edər və sabahdan axşama qədər bazarda, bilxassə dəllək dükanlarında, xeyir-şər məclislərində əşya mükəlləfdir, mükəlləf deyil, – deyə camaat bir-birilə deyişərdi. Mirzə C... Irandan döndükdən sonra bu da Şuşaya kərimxanilik gətirdi, şəhərin 17 məscidinin birinə də bu çəkilib başına mürid toplamağa çalışdı. Bunun Xorasandan gətirdiyi ideyaya görə papiros tüstüsü orucu batil eləməzmiş. Camaatın bir qismi də günün günorta çağı bazardan sivişib, ayaqyollarında xəlvətcə papiros çəkməyə başladı. Bu oyunlar artıq keçmirdi. XX əsrin gəlişi özü ilə də bir yeni hava gətirmişdi. Bu hava xalqı ayıltmada idi. Ziyalılar məclislərə yeni mövzular atırdı, türk xalqının geridə qalmasının səbəbləri aranırdı, mollalara hücum etməkdən çəkinmirdilər. Molla da bazarın başqa ba- Gecəli-gündüzlü zar olduğunu duyaraq yeni müştərini razı etməyə meyl göstərirdi. Artıq üsuli-şeyxi məsələsi deyil, əsrlərdən bəri kök atmış sünni-şiə məsələsi belə danışılmaz oldu. Kütlənin özündə, kimsənin rəhbərliyi olmadan, bu məsələlərə qarşı bir nifrət oyanmışdı. Məsələn, bayramlarda rus əsgərlərinə qarışmış tatar soldatları məscidə namaza gələrdilər, bunları hörmətlə qarşılar və evlərə qonaq aparardılar. Məktəblərin hamısında olduğu kimi, bizim məktəbdə də elmi-ilahi dərsi gülünc bir vəziyyətdə idi. Həkim Mirzə Sadıq dərs deməzdi, olsa-olsa görkəm üçün əlhəmin tərcüməsini söylərdi. Bu adam çox kamil və volteri bir adam idi, istehzalı danışığı zəhər saçardı. Elmi-ilahidən çox bizim təhsilimizlə maraqlanardı, sülüs nömrələrimizi tələb edib, baxar və pis nömrəsi olanı məzəmmət edərdi. Çox da obrazlı danışardı. Naxçıvan xanlarından birisi bizimlə oxurdu, onun nömrələrinə baxıb məmnun qalmadı: – Xan, – dedi – sizə tapşırıblar ki, ildə dörd girvənkə qırxbuğum yığasınız, özü də səni qırxbuğum dalınca Naxçıvandan Qarabağa göndərmişlər. Hamı yığıb, amma sənin dəsmalın boşdur, Naxçıvana dönəndə xəcalət çəkməyəcəksənmi? Yakuş adlı bir tələbənin qız dalınca qoşduğunu sevməzdi, bir gün dərsdə demiş: – “Ya” ərəbcə “ey” deməkdir, quş da ki, quşdur. İndi de görüm ey quş, sən hansı yuvanın quşusan? Bir gün yenə xalqın cəhalətinə darılaraq demiş: – Bizdə hər şey baş-ayaqdır: “papaq” ayaqqabı deməkdir, başmaq baş qabı deməkdir, bir xalq ki, ayaqqabını başına, baş qabını da ayağına geyə, onun işi həmişə baş-ayaq olar. Mirzə Sadıqla Əhmədbəy Ağayev bir məclisdə olduqda orada zəka hakimiyyəti duyulurdu, heç bir mövhum fikirlərə yer qalmırdı. Camaat Əhmədbəyin Fransada təhsil aldığını bilirdi, ona “firəng Əhmədbəy” – deyərdilər. Islam və türk tarixinə hər kəsdən artıq vaqif idi... Məclisdə danışanla heç bir molla cəsarət edib onun fikirlərinə qarşı çıxa bilmirdi. Əhmədbəy sərt və əsəbi bir adamdı, bilxassə bəylərin qudurğanlıqlarına dözə bilməzdi, onlarla bir məclisdə qarşı-qar- Mirzə Sadığın ədəbi fəaliyyəti haqqında “Riyazül-aşiqin”ə baxmalı (müəllif) Aşa tökülən bir bitki (müəllif) “Pa” farsca ayaq deməkdir (müəllif) şıya gəldimi, həmişə dalaşardı, həmişə də tapançasını hazırda saxlardı. Bəylər də ona qarşı intriqalar çevirərdilər, bir gün onu təhqir etmək üçün klubdan şapkasını və paltosunu oğurlatmışdılar, evinə başıaçıq dönməyə məcbur olmuşdu. 1896-cı ildə Əhmədbəy Şuşada türk hissəsində, birinci olaraq qiraətxana və kitabxana təşkil etdi, o biri il Bakıya getdikdə bu müəssisə qapandı. O zaman ziyalının nüfuzu olduqca artmışdı, xaricdə və Rusiyada təhsilini bitirib geri dönmüşləri bütün şəhər ziyarət edərdi. Üç-dörd gün davam edən bu görüşdə təhsildən gələn adama bir çox suallar verərdilər, elm və fənnin müvəffəqiyyətləri ilə olduqca maraqlanardılar. Realni məktəbi bitirənlərin şərəfinə ziyafət vermək də ənənəvi bir şəkil almışdı. Ziyalıların nüfuzuna baxmayaraq hələ xalqın geniş kütləsi qaranlıqda çırpınırdı. Bilxassə qadına qarşı olan zülmün həddi-hüdudu yox idi. Qadın çarşabda, qadın tərbiyə və təhsildən məhrum, qadını görmədiyi adama ərə verirlər, qadını götürüb qaçırlar... Qadına qarşı nə zorbalıqlar yapılmırdı. “Qızın oldu – qara donunu gey” məsələsi səbəbsiz olaraq meydana çıxmamışdı, qızı olan ailənin min bir əndişəsi vardı: Bizim ailə də bu əndişəlilərin ən əndişəlisi idi, çünki evdə üç bacım vardı. Böyük bacım Aşqabada köçmüşdü, lakin evdəki qayınata və başqaları ilə yola gedə bilməyib, arabir acıq eləyib, üstümüzə gəlirdi. Ondan kiçiyi yetişmiş, qapını elçilər kəsdirmişdi. Hər kəsdən də çox bir sərsəri israr edirdi, bizi evimizə basqın yapmaqla hədələyirdilər. Evimiz mühasirə vəziyyəti almışdı – darvaza qıfıllanıb, növbə ilə qarovul çəkilir. Anam gecə sabaha qədər yatmayıb, əlində tapança evi güdür. Bəzən qızı çarşaba bürüyüb, babamgilə göndəririk. Bir neçə gün rahat yatırıq, sonra casusluq edən məşşatələr qızın yerini bilib, xəbər verir, bir də eşidirik ki, babamın evinə hücum olur. Qızı təkrar bizə göndərirlər, camaxatana qoyub bağlayırıq, cürbəcür bəhanə ilə evimizə gələn qadınlara evi göstəririk və qızın burada olmadığını sezdiririk. Bir gecə darvazanın önündə gurultu eşidildi, hasardan aşıb həyətə düşmək istəyirmişlər. Anam tapancanı götürüb getdi, biz də qorxa- Yataq yığmaq üçün divar dolabı (müəllif) qorxa arxasına düzüldük. Darvazanın çatlağından baxırdıq, dışarıda bir dəstə sərsəri durmuşdu. Anam bağıraraq: – Hünəriniz var, gəlin, hamınızı qıracağam. Ansızın eşidilən bu qadın səsindən hər kəs qorxuya düşüb dağıldı. Bu vəziyyət bir ay davam etdikdən sonra sərsərilərin başqa bir ev basıb, qız apardıqlarını eşidib sakit olduq. Sonra bacım başqasına ərə getdi, ondan kiçiyini isə götürüb qaçdılar. Bu sahədə dəhşətlər olurdu, qaçırılan qızlara zorluqla təcavüz olunduqdan sonra qız polis qarşısında öz razılığı ilə gəldiyini söyləməyə məcbur olurdu. Bəzi qızlar bütün hədələrə və zorbalıqlara baxmayaraq axıra qədər mübarizə edirdi. Birisini qaçırdılar, razılıq göstərmədi və oğlanı yaxın buraxmadığı üçün üç ay kəndlərdə və dağlarda dolaşdırdılar. Nəhayət, bir bəy evinə gətirib, nökərlərin vasitəsilə əl-ayağını bağlayıb, oğlanı yanına buraxırlar. Buna baxmayaraq qız yenə razılıq verməyib, atası evinə dönmüşdü. Camaat arasında kök salmış fəna adətlərdən biri də aşura büsatı idi. Bu həngamə neçə əsr əvvəl Iran tarixində təsadüf edilən şəbihgərdanlıq şəklində qalsaydı, etiraz edilməzdi. Çünki orta əsr Avropa misteriyası kimi, bu da bir xalq teatrı, xalq tamaşası idi. Heyf ki, bu tamaşa vəhşi bir şəkil almışdı. Şəbihlə bərabər, başyarma (ağköynək), ələmdar, bədənə zəncir və daş vurmaqla özünə əziyyət vermək də ifrata varmışdı. Şəbihgərdanlıq tam mənasilə xalq teatrı idi: xalq geniş meydana toplanır, ortada xeymə qurulur, tarixi libas geymiş şəbihlər gəlir, hər kəs öz rolunu əlindəki kağıza baxaraq söyləyirdi. Qadın rollarını da kişilər oynardılar. Tamaşanın can nöqtəsi Hüseynin məğlub olması, arvad-uşağın əsir getməsi, çocuqların su istəyərək mələşməsi olardı. Bu əsnada xeyməyə od vurulardı, ərəb şəbihləri saman sovuraraq yanan xeymənin ətrafına fırlanardılar. Faytonda “firəng səfiri” gələrdi, taxtda əyləşmiş “yezidi” çiyinlərində gəzdirərdilər... Bu tarixi vəqənin təmsili ilə bərabər, bir də vəqəyə qarşı olan əlaqə göstərilərdi, vəhşi cəhət də burada idi. Əyinlərinə ağ kəfən geymiş kişilər geniş dairə təşkil edərək, xəncər və gorda ilə başlarını yarıb, qanlarını kəfənə axıdardılar. Arxası açıq qara don geymiş gənclər zəncir qamçılarla arxalarına vurardılar, dərilərinə ox, dairəvi cib güzgüsü, qıfıl, xəncər, kotan dəmiri sancılmış ələmdarlar zorla nəfəs ala-ala Çadır, alaçıq yüyürərdilər, açıq sinələrə əl və bəzən iri daşla vurulardı. Qan coşduran zikrlər söylənərdi... Ağköynək, ələmdar, zəncir və sinə vuran dəstələri gördükdə insanı dəhşət qaplayırdı. Bu vəhşi adəti aradan qaldırmaq üçün etirazlar başlanmışdı: tələbələrin iştirakı yasaq olmuşdu, məclislərdə ehtiyatla da olsa tənqid meydan alırdı. Bu sahədə ən təsirli söz maarifçilər arasında böyük nüfuz qazanmış Şeyx Hüseynin idi. Bu adamın çox maraqlı tarixçəsi vardı: şəhərin məşhur igidlərindən olaraq əsil adı Kərbəlayı Dadaş imiş. Bir cinayət işləyib Irana qaçır və orada dəruni böhranlar duyaraq tutduğu işlərdən peşman olub, təhsilə gedir. Neçə il keçmiş Şeyx Hüseyn adı qəbul edərək, şəhərə dönmüşdü. Aşağı məscidin bir hücrəsində oturub, pəhrizkar bir həyat sürür və başına toplanan gənclərə mədəniyyət fikirləri aşılayırdı. Gənclik arasında böyük nüfuzu vardı. Şeyx Hüseyn aşura büsatının əleyhinə açıqdan-açığa çıxan ilk molla idi... Həyat yolu ilə gedir, ailəmiz də öz işi ilə məşğul idi. Ancaq evimiz artıq vecdən çıxmışdı, zavallı anam ora-burasını yamamaqdan, suvamaqdan yorulmuşdu. Taxtapuş çürümüş, aylarca göydən süzülən yağmura müqavimət göstərə bilmirdi... Yağış yağanda palazlar yığılır, hər yerə qab-qacaq düzülürdü. – Dam, dam, dam... – damcı aramla başlayır, sonra cim, cim, cim... süzülür. – Ay uşaq kasa qoy. – Cırr... – Qoyma, töküldü, ləyən hanı?.. Zəhrimara qalsın, – oradan da damır, tez ol cin qazanı gətir. – Dam, dam, cırr... – Dim, dim, dim... Damcılar axır. Qəfəxanada ehram şəklində bir-birinin üzərinə düzülmüş qazanlar, dolabdan mis kasalar, piyalələr, nimçələr çıxır, otaq isgər dükanı şəkli alır. Biz də pal-paltarımızı toplayıb künclərə sığınırıq. Bizim üçün böyük əyləncə təşkil edən bu mənzərə anam üçün faciə idi. Gözləri yaşararaq şikayətlənir: -Kişi varı olan zaman bu günü yadına salmadı. Demədi dost var, düşmən var. Gündə bir qonaqlıq, oxu yan, çalan... yedi, içdi, məni bu günlərə qoydu. Yerdə qalanını da bəylərə verdi... Anam deyinir, ağlayır, damcıların önünü almaq üçün yeni qablar düzür, biz də deyib gülürük, damcıların səsində mahnılar duyuruq... Yeni ev tikdirmək lazımdır. Düşünüb daşınırıq. Məsələni atama da anladırıq. O razıdır, ancaq pul yoxdur. Borc alarıq, ağır sələmlərə dözərik, ancaq ev olsun. Qaçan Hacıməmməd çağrılır, bu adam hər sahədə mütəxəssisdir: aşura tamaşasına rəhbərlik edər, şifahi də olsa ev planı çəkər, ediləcək məsarifini təyin edər. Hacıməmməd əlinə uzun ağac götürüb ölçüb-biçdi, hesabladı. Plan hazır idi: bir kəllayi, bir də on bir arşın uzunluqda bir xeyir-şər otağı, kəllayinin qabağı artırma, altda da zirzəmi. Vəssalam. Altı yüz manat pul lazımdır. Hacı gedir. Ailə üzvləri oturub, götür-qoy eləyir. Nə olur-olsun, zəngin bir bibioğlumuz vardı, ona müraciət edirik, vermir, ancaq onun vəsatətilə bir ayrı tacirdən böyük sələmlə pul alırıq. Bibioğlunun bu siyasətini yalnız tacirlər anlaya bilərlər, öz doğma dayısından sələm almağı özünə güvara bilmir, sələmsiz də pul vermək tacirlərdə dəb deyil. Nə isə ev tikilib qurtarır, içinə daşınırıq, ancaq qapılarına, tavanına, döşəməsinə pul çatmamışdır. Evə qarovul çəkməyə başlayırıq. Zavallı anam gecə sabaha qədər çırağın dibində oturub papirosu papiros dalınca çəkir. Oğrular da qonşu evdən keçib, damın üstündə dolaşır, aşağı enməyə məqam gözləyir. Ayağının tappıltısını eşidirik, torpaq tökülür. Bir də damdan bir dəlik açılır, oğru evi yoxlayır. Qorxudan yorğanın içinə çəkilib əsirəm. Anam başını tavana tərəf çevirib, tapancanı yuxarı qaldırır: – Arvad xeylağına sataşmaqdan utanmırsanmı? Sən kişisənsə, aşağı en, – deyir. Anamın mətanətli səsi bir an otaqda cingildəyir. Yenə ayaq tappıltısı gəlir, oğrunun qonşu evə tərəf getdiyi duyulur. Utandımı? Qorxdumu? Kim bilir. Oğru getdi, amma qorxusu canımızdan çıxmır, sabaha qədər yata bilmirik... Atam aranda yanırdı, indi yayları belə gələ bilmirdi. Necə də gələydi: evin qapı-pəncərəsi qayrılmalı idi, altı baş külfət saxlanmalı idi. Zavallı kişi beş il bu borcun altından çıxa bilmədi, sələm sələm üstündən gəlirdi, altı yüz manat əvəzində min beş yüz manat verib, bir təhər borcdan üzüldü. Evimizin qarşısındakı sallaqxana quzulayıb uçmuşdu, onun yerini həyətə qatdıq, gözəl bir bağça saldıq. Şuşada gülbazlıq çox dəb idi, məndə də gülçülüyə həvəs oyanmışdı. Rusiyadan toxum gətirdib əkərdim. Sallaqxananın münbit torpağında nələr bitməzdi? Qışı otaqda, yazı bağçada keçirərdim. Xoş havalarda artırmanın başqa hüsnü vardı. Küçədə evimizin qarşısındakı quyuluqda gözəl şərqilər söylərdilər, saz və qarmon çalınardı. Nə oxuyanlar vardı! Axşam çağı qatıq almağa gedən uşaqlar qazanı yanağına dayayıb, elə bayatı və şikəstə oxurdular ki, adamın gözləri yaşarardı. Vaqif və Zakirin vətəni olan bu şəhərə təbiət şeir, musiqi və şərqi ilhamı bağışlamışdı. Qafqazın bütün adlı-sanlı türk xanəndə və sazəndələrini bu şəhər yetirərdi. Məşədi Isi, Hacı Hüsü, Qaryağdı oğlu Cabbar, Əbdülbağı, Seyid, Islam kimi oxuyanlar, Sadıqcan kimi çalanlar Şuşada yetişmişdir. Oxumaq və çalmaq sənətində bu ustaların böyük xidmətləri olmuşdur. Beş simli tara altı sim də artırıb, bugünkü şəklə salan Sadıqcan olmuşdur. Bu adam tarı pərdəsiz də mükəmməl çalardı... “Quyluq” deyilən bir təpə idi. Bu təpənin yerində vaxtı ilə hamam varmış. Cin görünmüş deyə, oranı zibil və peyin altında basdırmışdılar, təpə əmələ gəlmişdi. Yeniyetmə oxuyanlar aydın gecələrdə buraya toplanıb zümzümə edərdilər. Yayda şəhər daha da qələbəlik olardı, arandakılar şəhərə dönür,Azərbaycanın başqa şəhər və kəndlərinə yayılmış ziyalılar gəlirdi. Yay toy mövsümü deməkdi. Toylar başlanırdı. Bu da vara bağlı idi, zənginlər həyətlərində böyük mağar qurub nağıllarda söylənən kimi, tam qırx gün, qırx gecə toy elərdi. Gülablı kəndindən aşıqlar çağırılardı, şəhərin bütün oxuyan-çalanları yığılardı, qulplu qazanlarda plov bişərdi, toy böyük dəbdəbə ilə keçərdi. Əvvəllər ağ duvaqlı gəlin və iki yengə atda gedər və cehizlər də qatırlara yüklənərdi. Məşəllər yandırılar, zurnalar çalınardı. Şəhərdə ildə bir yeni hava çıxdığı üçün son və mod hava çalınardı. Bu havalardan biri zorla yadımdadır: Mən gedirdim yarım çıxdı qa-baqdan, ay balam, qa-baqdan; Yarın şövqi məni saldı da-maqdan, ay balam, da-maqdan. Laylay, bala, laylay, Laylay, gülü, laylay, Laylay, quzu, laylay... Musiqi bu havanı çalır, yüzlərcə adam ağız-ağıza verib oxuyur və əllərindəki daşları bir-birinə vururdu. Ailəmiz mütəvaze bir həyat sürərdi. Nə biz qonaq gedər, nə bizə qonaq gələrdi. Atamın vaxtı ilə çox qonaqlıq etmiş olduğunu anam sərzənişlə söylərdi. Mən yalnız son ziyafəti xatırlayıram, atam şairə Fatı xanım Kəminəni qonaq çağırmışdı. O axşam yadımdadır, uzunuzadı münaqişə oldu. Böyük qardaşım Iran şahlarının əleyhinə danışır, Kəminə onları müdafiə edirdi, Kəminə çarşab örtər, amma üzünü gizləməzdi, şairlər və ədəbiyyat maraqlıları onun evinə toplanardılar. Yadımdadır bir xüsusiyyəti vardı: turş şeyləri çox sevərdi, atam bunu bilir və Ağdamdan bir-iki dəfə ona gülöyşə nar göndərmişdi. Atamın ikinci arvaddan olan qızı bibim oğlunda imiş, çocuğu olmadığı üçün bunu boşayıb, yerinə o biri bibimin qızını almışdılar. Bu məsələ üstdə qohumlar arasında ziddiyyət düşmüşdü, gediş-gəliş kəsilmişdi. Bizim gedəcək yerimiz yalnız babam (anamın atası) Seyid Hüseyngil idi. Babam olduqca talesiz bir adamdı. Arvadı iflicə tutularaq 17 il yataqda qaldıqdan sonra ölmüş, iki yetişmiş oğlu və iki qızı eyni xəstəliklə əlaqədar olaraq ölmüşdü. Yalnız bircə oğlu qalmışdı, onu evləndirmiş, ondan bir qız nəvəsi olmuşdu. Özü olduqca tənbəl və inad adam idi. Hələ çocuq ikən o qədər tənbəl imiş ki, uşaqlar onunla dalaşarkən əyilib yerdən daş götürməyə ərinərmiş. Bu dərddən anası həmişə cibinə daş qoyarmış ki, götürüb atması asan olsun. Atam varlıolan zaman buna böyük məscidin yanında bir əttar dükanı açmış. Bir il sonra hesaba oturmuşlar, atam görmüş ki, kişi şeylərin hamısını nisyə buraxmış və borcluların adını heç yerdə qeyd etməmişdir. Dükan qapanmış. Bir dəfə də maya verib Təbrizə göndərmiş. Babam Təbrizdə düşünüb, daşınıb bir neçə dəvə yükü çiriş almış. Yolda çirişi yağış vurur, günəş vurur, çuvallar kəsəyə dönür. Yalnız çiriş deyil, çuvallar da çirişə yapışıb xarab olmuş. Babamın ticari təşəbbüsləri çiriş xırıdı ilə bitmişdir, gündə iki dəfə qəbiristanlığa fatihəya gedər, arabir də bizə gələrdi. Bizə gəldikdə Kəminənin ədəbi fəaliyyəti haqqında “Riyazül-aşiqin”ə baxmalı - müəllif darvazanın arası açıq olmasaydı, itələməyə ərinərək geri qayıdardı. Arabir babamın yanına gedərdim, dar bir küçədə yaşardı. Ancaq orada çox qalmağa hövsələm gəlməzdi, qaranlıq və rütubətli otaqda canım sıxılardı. Bizim ailənin bir tühaflığı vardı: bütün çocuqlar lunatik idi. Yata bilmədiyim axşamlar qəribə mənzərənin şahidi olurdum: böyük qardaşım yataqdan qalxır, gözləri yumulu olaraq otaqda gəzinir və gündüz oxuduqları dərsləri bərkdən təkrar edərdi. Gündüz elədiyi kimi, dərslərin təkrarından sonra bir neçə fars qəzəli söyləyib, yenə yatağına uzanardı. Bunu qeyri-şüuru olaraq yapardı, özünün xəbəri olmazdı, o biri gün söylədikdə heyrət edərdi. Aydın bir yay axşamı kiçik bacım yatağından qalxdı, gözləri yumulu olaraq çırağa yanaşdı, xodunu yuxarı çəkdi. Sonra kilidli qapını açıb artırmadan həyətə endi, darvazanı açıb qonşudakı bacılığını bir neçə dəfə bərkdən çağırıb geri döndü. Yenə darvazanı və otaq qapısını kilidlədi, ancaq çırağın xodunu aşağı çəkməyi unutdu. Kiçik qardaşım yasdığından səngər qayırır, arxasına uzanıb guya tüfəng atırdı. Səsi evlə bir olardı. Mənim də lunatik olduğumu söylərdilər, gecələr otaqda gəzərmişəm. Bir gecə ayılıb gördüm masanın arxasında oturmuşam, əlimin biri mürəkkəb qabının yanında idi. Yenə bir gecə arxamda iri bir döşək apardığım yerdə ayıldım. Ayıldıqda insan utanır və qorxu da duyur, ayılan dəqiqələrdən əvvəl olanların da heç biri xatırımda olmur. Bu dəqiqələr cəld qaçıb, yatağıma soxulardım. Evimiz alayarımçıq da olsa hazır idi, suvağı, tavanı və taxta döşəməsi yox idisə də, damcısı da yox idi, geniş idi. Daha bundan artıq ummaq olmazdı, çünki atam qocalmışdı, sənəti də qazanclı sənət deyildi. Yeni doktorlar və apteklər artdıqca nüsxəbəndlik dəbdən düşürdü. Bu əsnada qardaşım Əbülhəsən xəstələndi, boğazına iri bir fır çıxdı. Həkimlərə göstərildi. Tiflisə getməsini məsləhət gördülər. Məktəbin köməyi ilə Tiflisə getdi, əlac olmadı. Geri döndü. Bir müddət sonra Kislovodska göndərdilər, yenə əlac olmadı. Bu dəfə Peterburqa getdi. Məktub aldıq, həkimlər vətəninə getməyi məsləhət görmüşdülər. Ümidimizi kəsdik. Anam həyəcan içində qardaşımın yolunu gözləyirdi. Mən də onu qarşılamaq üçün darvazaya çıxdım. Bu əsnada məhəllə uşaqlarından İrinli yara, şiş birisi keçirdi, sözləşdik, məni itələdi, ayağım daşa ilişib yıxıldım, o da mənim üstümə yıxıldı. Sağ ayağımda acı bir sancı duyaraq çığırdım. Qoluma girib qaldırdılar, qılçam sınmışdı, atam da xəstə qardaşımın qoluna girib gəlirdi. Darvazanı açıb bizi içəri götürdülər. Anam divara söykənib durmuşdu. Əbülhəsənin sönmüş çöhrəsini gördükdə, rəngi üzündən götürüldü, dırnaqlarını divarın daşlarına ilişdirərək bayğın bir halda qaldı. Üç yataq salındı – anam da qadın xəstəliyinə tutulmuşdu. Xəstəliyim bir ay davam etdi. Hər gün sınıqçı gəlir, qılçamı sığallayıb, sümükləri yerinə salır, sonra bal yaxıb ətrafına qamışlar düzüb bağlayırdı. Cəhənnəmi əzablar çəkirdim. Anam da yataqdan qalxmış, lakin son dərəcə zəifləmişdi. Qardaşım yataqda idi. Ümidsiz bir xəstə də olsa, deyir, gülür, bəzən kart belə oynayırdı. Atam, təbii, bir həftə qalıb Ağdama dönmüşdü. Həyatımızı təmin etmək lazım idi. Novruz yetişdi. Hamımız bayram süfrəsinin ətrafına toplanmışdıq. Birdən Əbülhəsən dedi: – Bir neçə gün sizə qonağam, gəlin görüşək. Hamımız göz yaşları axıdaraq ona sarılıb öpdük. Özü də ağladı. Dörd gün sonra – martın on üçündə 1901-ci ildə Əbülhəsən söndü. “Xeyir-şər” otağımızda birinci şər məclisi quruldu. Indi evin böyüyü mən idim. Qardaşımın kitabxanasının açarı mənə verildi. Rus və əcnəbi klassikləri ilə tanış olmağa başladım. Bayron və Lermontovu yaxın dost kimi qəbul etdim. Sanki həyat yenə yoluna girdi, əziz ölü də yaddan çıxdı, lakin ruhumdakı ahəng pozulmuşdu. Dünyada haqq və ədalət olmasına inanırdım, bu inam anamın südü ilə bərabər bütün varlığıma yerləşmişdi. Indi bu inam şübhə ilə zəhərlənmişdi: ədalət varsa, iyirmi bir yaşında istedadlı bir gənc, yoxsul bir ailənin ümidi neçin sönürdü? Qardaşımın ölümünə heç inana bilmirdim, mənə belə gəlirdi ki, o müvəqqəti olaraq uyuyur və bir gün qəbirdən durub, yenə bizi sevindirəcəkdir. Heyhat, həyat karvanı öz yolu ilə gedir, karvandan ayrı düşənlərin ahənglərini kimsə dinləmirdi. Təbiətin qanunu bu imiş. Məktəb həyatı davam edirdi. Hər gün uzaq erməni məhəlləsinə getmək məcburiyyətində bulunurduq. Yalnız məktəb deyildi, bütün hökumət müəssisələri də orada idi. Poçta bir məktub vermək üçün də ora getməli idi. Şəhər idarəsi bütün varidatını oraya sərf edirdi: küçələr daşlanmış, işığı bol, kitabxana və qiraətxanası, başqa mədəni müəssisələri vardı. Şəhər idarəsinə seçilmiş hacılar və kərbəlayılar savadsız olduqları üçün türk hissəsi xaraba halda idi. Küçələrin daşlanmaması, fənərlərin olmaması bir yana, lağımlar belə örtülməmişdi; kanalizasiya ermənitürk hüdudunda bitirdi. Türk hissəsinin abadanlığı yalnız Haşımbəyin şəhər idarəsinə seçilməsi və şəhərin övzanı “Kaspi” qəzetində təsvir etməsi ilə başladı. Erməni-türk münasibətinə gəldikdə o zaman heç də kəskin bir məsələ deyildi. Geniş kütlə qardaşcasına yaşayır, ortada da heç bir münaqişəli məsələ yox idi: erməni əməkçiləri – dərzilər, bənnalar, dülgərlər... türk arasında işlərdilər, kirvəlik edərdilər. Geniş kütlə erməniyə “dinayrı qardaş” deyərdi. Xalq məscid və kilsə ayrılığı ilə belə hesablaşmaq istəmirdi: türklərin nəzir eləyib, kilsə həyətində qurban kəsdiyini və ermənilərin türk pirinə şam gətirdiklərini çox görmüşəm. Xalqın belə qardaşcasına yaşamasına baxmayaraq burjuaziya və ona nökərçilik edən ziyalılar “uzaq görmək” istədi. Tarixə dalaraq yekə- yekə ideyalar buldular, axırda qaş qayırdıqları halda göz tökdülər: çar məmurlarının təhriki ilə iki qonşu və tarix boyu dost yaşamış xalqı bir-biri ilə çarpışdırıb, gözəl şəhərimizi xaraba qoydular. Məsələdən uzaq düşdüm. Qardaşımın kitabxanası əlimə keçdikdən sonra məndə ədəbiyyata və rəsmə böyük maraq oyandı. Boş vaxtlarımı rəsmə və ədəbiyyata həsr edirdim. Rusca yazdığım ilk şeirlərimi rus dili müəllimi Klemitə göstərdim. Müəllim şeirlərimi gözdən keçirib nədənsə mənə Çexovu oxumağı tövsiyə etdi. Çexov mənə olduqca şirin və duzlu gəldi. Lakin o zaman hekayə yazmaq fikrində deyildim, tərəddüd dövrü keçirirdim. Şuşanın sərt təbiəti: qara buludlardan tökülən yumurta kimi doluları, ilan kimi göydə qıvrılaraq, dəhşətli gurultu qoparan şimşəkləri, bir az sonra gözəl günəşi və bülbüllərin cəh-cəh vurması məndə dərin düşüncələr oyadırdı. Aydın gecələr artırmanın bir guşəsində tək oturaraq ən dərin sirləri bilmək istəyirdim. Çocuq gördüyü şeylər haqqında anasına sual verən kimi, mən də gənc dimağıma min bir sual verirdim. Yalnız çocuqla mənim fərqim o idi ki, mən görmədiyim şeyləri öyrənmək istəyərək, xəyal quşunu Ay və ulduzların ötəki tərəfinə, əzəliyyətin dərinliklərinə doğru uçurdurdum. Lakin insan ağlının məhdudluğunu duyaraq zəfimdən kədərlənirdim. Mənə belə gəlirdi ki, kainata hakim qəvi bir vəhdət var, insanlardan doğruluq, şəfqət və ibadət tələb edir. Inandığım bu mənəvi vəzifənin ifası üçün şəxsiyyətimin təmizliyinə çalışaraq, bütün səmimiyyətlə ibadətə sarıldım. Günəş çıxmadan qalxar, dəstəmaz alıb, namaza başlardım. Qışın çovğununda belə ərinməyərək adi su ilə yox, həyətdəki buzlu su ilə dəstəmaz alardım, ayazdan qolum çat-çat olub, qan axardı. Hər bir həyati çətinliyin həllini ibadətdəki göz yaşlarımda duyardım. Bu ibadət dövrü iki il davam edə bildi. Sonralar yeni fəlsəfə, yeni yollar buldum. Insanın ikinci bir vəzifəsi də olduğuna inanırdım. Mənə belə gəlirdi ki, təbiət hər bir insana bir vergi verir, həyatdan məqsəd bu vergini bulub, inkişaf etməkdir. Məndə də, insan olaraq, bir vergi olduğuna əmin idim. Yalnız bu vergini tapmalı idim. O zamandan başlayaraq özümün hər bir hərəkət və həvəsimi öyrənməyə başladım. Rəsm sahəsində müvəffəqiyyətlə çalışmağıma baxmayaraq, şəxsimin tədqiqinə davam edirdim. Bir gün güzgüyə baxarkən sağ gözümün ağında əmələ gəlmiş düzgün bir lira şəklinə rast gəldim. Bunu sirli bir əlamət kimi qəbul edərək sakit oldum... Artıq böyümüşdüm, bığ yerim tərləmişdi. Atamın əvəzinə xeyrə-şərə gedirəm, mənimlə hesablaşırlar, bir yerdə xeyir-dua, o biri yerdə başsağlığı verirəm. Məclislərin də qaydasını öyrənmişdim. O vaxt tacir balaları sıra ilə gecədə birinin evinə toplanıb vaxt keçirirdilər: buna “sirən” deyərdilər. Bibioğlumun birinin vasitəsilə mən də sirən məclisinə daxil oldum. Bu məclislər çox əyləncəli idi, ancaq yalnız kişilər iştirak edirdilər. Çərəz qoyulardı, çərəzlə bərabər dadlı söhbətlər olardı. Bəzən peşmək çəkərdilər. Şəhərin dadlı-duzlu adamlarını çağırardılar. Bir axşam bir molla çağırmışdılar, bütün gecəni əxlaqsız anekdotlar söylədi. Mollanın avam aldadan zahirlərindən başqa, bir də iç üzləri olduğunu onda görmüşdüm. Bir gecə məclis “tutmadı”, adam göndərib Qurdlar məhəlləsindən Mirzə Əliyar adlı birisini gətirdilər. Bu adam erməni kəndlərini dolaşıb erməni arvadlarına dua yazarmış və cindarlıq edərmiş. Mirzə Əliyar kəndlərdəki hədsizhesabsız macəralarını anlatdıqdan sonra, bizə Zəf - zəiflik, gücsüzlük bəzi oyunlar göstərdi. Bir ləyənə su töküb, üstünə dəsmal saldı, sonra cinləri çağırmağa başladı: “Bağdasan gəl, dağdasan gəl, köhnə hamamdan, xarabalardan gəl...”. Ləyəndə cığıltı qopdu. Dəsmalı darta saxlayıb, üstünə bir stəkan qoydu və: – Cinlər stəkanı kimin tərəfinə atsın? – deyə soruşdu. Birisi “mənim tərəfimə” dedi. Stəkan atılıb onun qabağına düşdü. “Cinlərin” özünü görmək istədik. Oğlanmı, yoxsa qızmı istədiyimizi soruşdu. “Qız” dedik. Dəsmalın bir tərəfini qaldırdı – alma böyüklükdə iki başın arxa tərəfi görünürdü. Əlini salıb, qızların hörülmüş xırda saçlarını da sudan çıxardı. Sonra dəsmalı saldı. “Azadsınız” dedikdə ləyəndən şən səslər və qəhqəhələr eşidildi. Bu sirəncilər əylənmək üçün nələr yapmazdılar. Şəhərdə Manca Zöhrə adlı bir arvad vardı. Bunun oğlu Təbrizə gedib-gələr, yaxşı pul qazanardı, amma evlənməyə cəsarəti yox idi, anası isə gəlin həsrətində çırpınırdı. Bir gün gənclər yığışıb Zöhrə arvadın yanına gedir və oğluna qız tapdıqlarını söyləyirlər. Arvadla oğlu çox sevinir və toya başlayırlar. Toy gecəsi bir oğlana qadın paltarı geydirib bəzəyirlər və cehiz əvəzinə də saman doldurulmuş məfrəşləri qatırlara yükləyib, musiqi çala-çala aparırlar. “Gəlinin” ayağının altında qurban kəsilir. Sonra kişi gəlin otağına girib “gəlinin” duvağını qaldırdıqda acı zarafatı duyur. Bir mollanın babasının ləqəbi “keçi” olduğu üçün “keçi” sözündən çox pərt olardı. Bir axşam sirəncilər dəstəsi gəlib bunlara çıxır. Molla bu ziyarətdən son dərəcə məmnun olaraq, çay qoydurur və kəllayi daha da işıq olsun deyə bir neçə də çıraq yandırır. Bir az sonra gənclərdən birisi ifrat işıq olduğunu bildirib, çırağın birini söndürmək istəyir. O birilər etiraz edərək: – Keçi – məə – deyə keçi kimi bəyirməyə başlayırlar, molla pərt olur... Bir gün yenə sirəndə gənclər söz qoyurlar ki, bir müddət azsınlar. “Yolu azan” təbiidir ki, evlərinə gəlib çıxa bilməz. Kimsəyə xəbər vermədən hərəsi çıxıb, başqa şəhərə gedir. Içlərində biri azmağa yer tapmadığı üçün qərarlaşdırılan vaxta qədər Şuşada iki məhəllə arasında dolaşmağa başlayır. Bunu çox axtarırlar, axırda gəlib tapırlar: – Niyə evə gəlmirsən, neçə gündür səni axtarırıq? – dedikdə evə dönmək istəmir: – Gedin, azmışam, – deyə cavab verir. Tacir balalarının sirənləri olduğu kimi, şairlərin də məclisləri vardı. Gündüzlər bunlar Mir Möhsün Nəvvabın yuxarı məscidin hücrəsindəki güllü-çiçəkli mənzilinə yığılardılar. Xan Qaradaği, Növrəs, Məmayi, Baki, Alı yüzbaşı oğlu Həsən Nəvvabın başına toplanan “Beytül xamuşan” üzvlərindən idi. Bundan başqa bir çox şair, oxuyan və çalanlar da şairə Xurşud Banu Natəvanın ətrafına yığılarlarmış. Bu da “Məclisi-üns” adlanardı. Böyük qardaşım Natəvanla görüşdüyünü söylərdi, heyf mən onu görə bilmədim. Şair Ibrahim Tahir Nəvvab qrupuna daxil deyildi. O fərdi həyat sürərək, həcvləri ilə hər kəsi oxlardı. Teatr xadimləri Əbdürrəhimbəy Haqverdiyev, Haşımbəy Vəzirov, Məmmədhəsənbəy Mirzəcamalov, vəkil Həsənəlibəy də ayrıca bir dəstə təşkil edərdilər. Şuşa məclislərində incə zarafat, lətifəçilik, hazırçavablıq olduqça inkişaf etmişdi. Mayor Əbdürrəhimbəy, Səfibəy, Alı yüzbaşı, Dəli Xudubəy, Allahverənli Kalba Şirin kimi adamların söyləmiş olduqları lətifələr yalnız Şuşada deyil, Azərbaycanın hər guşəsində söylənir. Bunların çoxu ictimai xarakter daşıyır. Əbdürrəhimbəy Vəzirov vaxtı ilə çarın xas alayına mənsub olaraq 1877-78-də baş vermiş rus-osmanlı müharibəsində iştirak etmiş və bir Vladimir xaçı da almışdı. Mən görən vaxtlar istefada idi və Vladimir nişanına məxsus olaraq ildə on manat təqaüd alırdı... Bütün gəliri bu idi. Il uzunu dəftərxanalarda ayaq döyüb, yer axtarar, tapa bilməzdi. Bir neçə ay şəhər naçalnikinin yanına gedir, hər dəfə naçalnik onun adını eşidəndə deyir sabah gəlsin. Bu “zavtra”lar Əbdürrəhimbəyi təngə gətirir. Axırda bir də gedir və “zavtra” sözünü yenə eşidər-eşitməz çıxıb dəftərxananın qabağında havaya bir güllə atır. Bunu tutub naçalnikin yanına aparırlar, naçalnik güllənin səbəbini soruşanda Əbdürrəhimbəy deyir: “Zavtra”nı öldürdüm, artıq “zavtra” yoxdur. Əbdürrəhimbəy yer üçün Gəncəyə, qubernator Naqaşidzenin yanına gedir. Vizit kartını göndərir, vali onu qəbul etmir. Dəfələrlə gedir, qəbul olunmur, nəha- 1 Həsənəlibəy Hacı rolunu, Məmmədhəsənbəy də Yaqo rolunu gözəl oynardılar (müəllif). 2 Xüsusi yət vizit kartına “Veziridze” yazıb göndərir, vali o saat onu yanına çağırır. Soruşur ki, familin nədir: deyir “Vəzirov”. Naqaşidze heyrətlə: – Bəs Veziridze neçin? Əbdürrəhimbəy: – Başqa əlacım qalmamışdı, – deyir. Naqaşidze qulluq verməmək üçün bəhanə axtararaq: – Axı sən qocasan, qulluq nəyinə lazımdır? Əbdürrəhimbəy: – Zati-dövlətləri, – deyir, – mən qulluq üçün ərizə verəndə cavan idim. Bir gün Əbdürrəhimbəy təziyə məclisinə düşür. Görür mollalar daşların Xorasana ziyarətə getməsindən danışırlar – biri daşa dair ayə nazil olduğunu, o biri hədis və rəvayətləri anladır, bir ayrısı da daşın yeridiyini öz gözü ilə gördüyünü söyləyirmiş. Əbdürrəhimbəy bu söhbətlərə qulaq asıb deyir: – A qardaşlar, mən ərəbcə və farsca bilmirəm, ancaq türkdə bir məsəl var, deyərlər: “Eşşəkqulaq, qabanbaş? Heç görmüsən yeriyə daş?” Əbdürrəhimbəy babadan qalma evi qardaşı ilə bölüşüb, alt mərtəbəsini mözünə götürmüş, üst qatını da qardaşına vermişdi. Bir gün qardaşı aşağıdan tappıltı gəldiyini eşidib enir, görür Əbdürrəhimbəy divarı. külünglə sökür. – Nə qayırırsan, ev uçar? – deyə bağırtı salır. Əbdürrəhimbəy deyir: – Alt mərtəbə mənim deyilmi? Pulum yoxdur, söküb daş-taxtasını satmaq istəyirəm. Qardaşı məsələni duyub, Əbdürrəhimbəyə pul verib razı salır. Bir gün Əbdürrəhimbəyin qardaşı xəstələnir, Əbdürrəhimbəyə deyir: – Get həkimə de, bir dava versin. Əbdürrəhimbəy: – Nəyi deyim, həkim özü gəlməlidir. – Gəlməsi lazım deyil. De ki, dili ağzında şişib badımcana dönüb, burnu xiyar kimidir, qulaqları kələm yarpağı kimi sallanır. Əbdürrəhimbəy onun sözünü kəsərək: – Bildim, deyərəm bostan olub... Xoş havalarda zəriflər Divanxana qabağına toplaşardılar. Bir gün orada dil məsələsi mövzuyi-bəhs olur. Əbdürrəhimbəy deyir: – Mən heç rusun “prişol”u ilə “priyexal”ının mənasını anlamadım. Hamısına prişol desinlər, canımız qurtarsın. Əbdürrəhimbəyin qardaşı məsələni anlayaraq deyir: – “Prişol” ayaqla gəlməyə, “priyexal” isə eşşək də, atda və arabada kəlməyə deyirlər. Bu halda Əbdürrəhimbəyin gözləri eşşək üstə gələn bir kəndliyə sataşır. Kəndlinin ayaqları o qədər uzun imiş ki, yerlə sürünürmüş və yeriməsi ilə eşşəyə minməsi bəlli deyilmiş. Əbdürrəhimbəy kəndlini qardaşına göstərib soruşur: – Indi buna mən “prişol” deyim, yoxsa “priyexal”? – Zəriflərdən biri də Xudubəy idi. O deyərdi: “Bağ var tumana salarlar, bağ var meyvəsini yeyərlər”. Xudubəyin bu sözləri məsəl olub qalmışdır. Xudubəydən iki məsəl də söylərlər. Onun bol siçanlı bir papaqçı dükanı varmış. Dükan yanır. Qonşuları buna təsəlli verdikdə deyir: “Dükan yandısa, siçan da yandı”. Bir məclisdə xanəndə səsini açmaq üçün yumurta istəyir. Xudubəy deyir: “Yumurta səs açsaydı, toyuğun arxası şahnaz çalardı”. Bir gün Xudubəy məclisdə plov yeyərkən xörək qabından əlinə bir aşıq keçir. Aşığı yuxarı başda oturan mollaya göstərib deyir: – Ağa, bu nədir? – Aşığdır. – Göydən Ismayıl peyğəmbərə gələn qoçun da aşığı vardımı? Molla: – Yəqin varmış, – deyir. Xudubəy cavabında: – Aşıq ki, göydən gəlmiş, bəs niyə aşıq oyununu haram hesab edirsiniz? – deyir. Bir gün Xudubəy qonşu həyətində ağacdan qoz salıb sındırırmış. Bu əsnada həyət sahibi olan müəllim gəlib çıxır. Xudubəy özünü itirməyərək deyir: – Müəllim, bəs deyirsən əz-dən dən çıxar, sabahdan bəri qozları əzirəm, heç dən çıxmır... Xudubəy məclisdə mollaların mövhum məsələlər üstə münaqişə etdiklərini görüb sual verir: – Ağa, – deyir, – niyə xoruz həmişə ayağının birini qarnına çəkir? Molla cavab verə bilmir. Xudubəy: – Çünki, – deyir, – xoruz ayağının ikisini də qarnına çəksə yıxılar. Şuşa zəriflərindən biri də Səfibəy olmuşdur. Səfibəy uzunpapaq, çuxasının qolları arxadan sallanan, sallaq ağ bığlı bir qoca idi. 1863-64-cü illərdə Polşada baş vermiş üsyanı yatırmaq üçün Qafqazdan aparılan bəylər arasında Səfibəy də varmış. Mən görən vaxtlar Səfibəy həyətinin aşağısındakı dərədə kələm əkərdi. Dərənin bir tərəfində də Anaxanım adlı bir qadın kələm əkər və ortalıqda olan tikan çəpəri irəli itələyib, Səfibəyin torpağını qəsb elədiyi üçün aralarında həmişə sərhəd davası olardı. Nikolay taxta çıxanda Şuşada Divanxana qabağında qoşun rəsm – keçid yapırmış. Bütün generallar və zabitlər rəsmi libasda gəlmişlər. Səfibəy də uniformasını geyib, Polşada aldığı nişanları da döşünə taxıb gedir. Orada köhnə yoldaşlarına rast gəlib birindən: – Sən nə olmusan? – deyə soruşur. – General-mayor. Səfibəy o birisinə yanaşıb soruşur. – Bəs sən nə olmusan? – Infanteriya generalı... Onlar da Səfibəyə müraciət edərək: – Sən nə olmusan? – deyə soruşduqda, Səfibəy kədərlə deyir: – Mən də dərədə kələm əkirəm, onun da üstündə gündə Anaxanımla davadır. Səfibəy mollaya rast gəlir. Molla deyir: – O, Səfibəy, heç məscidə gəlmirsən, qocalmısan axı, heç olmasa indi gəlməlisən. Səfibəy boyun qaçıraraq: – Yox, – deyir, – indi getsəm, Allah deməzmi a qurumsaq, bəs doxsan ildir harada idin? Bir axşam kənddə Səfibəy qaçağa rast gəlir. Qaçaq tüfəngini düzəldib deyir: – Tərpənmə. Səfibəyin əlində bir ağac varmış, bu da qaranlıqda ağacı tüfəng kimi düzəldib bağırır: – Sən də tərpənmə, sənnən mənim aramda tərpənən çox pis adamdır. Səfibəy Alı yüzbaşı ilə qonşu idi. Küçədə iki evin arasında bir səki vardı. Alı yüzbaşı ilə Səfibəy burada yan-yana oturaraq bütün günü yalan söyləyib əylənərmişlər. Alı yüzbaşı deyir: – Səfibəy, sən öl bir keçim vardı, həyətdə saxlardım. Qar yağırdı. Qar yağdıqca keçi qarın üstə çıxırdı. Axırda qar o qədər ucalmışdı ki, keçinin buynuzları Ülkər ulduzuna dəyirdi. Səfibəy cavabında: – Alı, sən öl, Ağdamdan gəlirdim, bir ilana rast gəldim, yol getdikcə ilan uzanırdı. Şuşaya çatmağa az qalmışdı, amma, sən öl, hələ ilanın başı görükmürdü. Alı yüzbaşı əlini boğazına ataraq: – Səfibəy, mən ölüm, bir az gödəlt, – deyir. Səfibəy cavabında: – Alı, sən öl, keçi göydən yerə düşməsə, ilan gödəlməyəcək, – deyir. Səfibəy Varşavadan çin və nişanla döndükdə bütün şəhər onun ziyarətinə gedir. Alı yüzbaşı da köhnə dostunun görüşünə gəlmiş imiş, görür ki, Səfibəy döşək üstə deyil, kürsü üstə oturub, üstdən aşağı lovğa-lovğa danışır. Alı yüzbaşı Səfibəyin hərbi libasına baxıb, qorxaqorxa: – Səfibəy, bu nə büsatdır? – deyə soruşur. Səfibəy dostuna məhəl qoymayaraq ağızucu: – Vayennidir, – deyir. Alı yüzbaşı Səfibəyin lovğalığından pərt olaraq evinə gəlir. Eşşək tapır, qırmızı şilə ilə eşşəyi bəzəyib, darvazanın dalında gözləyir. Səfibəy evindən dışarı çıxar-çıxmaz Alı yüzbaşı eşşəyi itələyib, küçəyə salır. Səfibəy eşşəyi süzərək soruşur: – Alı, bu nə büsatdır? Alı yüzbaşı: – Vayennidir, – deyə cavab verir. Səfibəy məsələni anlayıb, Alı yüzbaşı ilə təzədən dost olur. Allahverənli Kalba Şirin də hazırcavablığı və lətifələri ilə məşhur idi. Şuşada Məmiqoca adlı iri gövdəli, yekə bığlı bir adam var idi. Bu, zahirinə baxmayaraq, şəhərin ən qorxaq adamlarından idi. Çocuqlardan belə qorxardı. Lakin məhərrəmlikdə aşura günü əlinə qılınc alıb, Şümürü və Yezidi hədələyərək zikr deyərdi. Bir gün Kalba Şirin Məmiqocanı belə bir “cəngavər” vəziyyətdə görür. Məmiqoca qılıncı havada oynadaraq oxuyurmuş: “Kərbəlada olmadıq. Şümrü sənani öldürək. Parə-parə eyləyək övladi-peyğəmbər qanlısın...” Kalba Şirin baxıb deyir: – Kül başına Şümür, gör nə günə qalmısan ki, Məmiqoca da səni hədələyir. Kalba Şirinin bu sözləri məsəl olaraq qalmışdır. Bir gün Kalba Şirinin birisi ilə sözü çəp gəlir, ikisi də xəncəri çıxarıb hücuma hazırlanır. Birdən Kalba Şirin qarşısındakından soruşur: – Külfətin varmı? Deyir: – Var. Kalba Şirin cavabında: – Mənimki də var – xəncəri qoy qınına. Barışıb ayrılırlar. * * * Kalba Şirinin atı oğurlanır. Atı axtara – axtara gedib qala qapısına çıxır. Orada birisinə rast gəlib atının nişanələrini söyləyir, soruşur: – Belə bir at görmədin ki? – Gördüm, odu birisi aparır, aşağı ensən tutarsan. Kalba Şirin: – Atı aparan nə təhər adam idi? – deyir. – Nazikbığ bir adam idi. Kalba Şirin cavabında: – Yekəbığ olsaydı, gedərdim, nazikbığda xata olar, – deyib qayıdır. * * * Kalba Şirinin bir curu varmış, həmişə onunla zarafatlaşarmış. Aralarındakı qayda belə imiş: Kalba Şirin zarafata başlayanda, curu mütləq cavab verərmiş. Bir gün Kalba Şirin curunun Bazar başında fayto- na minib səfərə çıxdığını görür. Yaxınlaşıb zarafata başlayır. Curu qulaq asıb, cavab vermir və faytonu sürdürüb, yola çıxır. Kalba Şirin də bir fayton tutub, onun dalınca gedir. Gəlib, Ağdama çıxırlar. Kalba Şirin yenə yoldaşına yaxınlaşıb cavab istəyir. Müvəffəq olmur. Yoldaşı faytona minib, Yevlaxa gedir, Kalba Şirin də onun dalınca. Yezlaxda da Kalba Şirin cavab ala bilmir. Qatara minib Gəncəyə gedirlər. Gəncədə Kalba Şirinin yoldaşı zarafatın cavabını verir. Kalba Şirin: – Ay zalım, – deyir, – bu cavabı Şuşada versəydin, mən də bu qədər xərcə düşməzdim. * * * Kalba Şirin gəmidə ziyarətdən dönürmüş. Dənizdə fırtına başlayır. Gəminin təhlükəli vəziyyətini görən miniklər dua-niyaza başlayırlar, seyidlərə nəzir vəd edirlər. Kalba Şirin gəminin üstündə laqeyd bir halda gəzinirmiş. Camaat buna heyrət edib deyir: – Ay Kalba Şirin, gəmi batır, bir sən də əlini göyə qaldır, dua elə, bəlkə sənin duanı allah eşidə. Kalba Şirin əlini qaldırıb deyir: – Allah, bizi bu qorxudan qurtar. Bakıya salamat çıxaq, seyidlərə on manat verim. Gəmi gəlib Bakıya çıxır. Miniklər kənara çıxan kimi seyidlərə nəzir paylamağa başlayırlar. Kalba Şirin vəd etdiyi nəziri vermir. Yoldaşları səbəbini soruşduqda deyir: – Mən dua eləyəndə allaha göz vurmuşdum ki, seyidə bir qəpik də verməyəcəyəm. Kalba Şirinin ölümü də məzəli olmuşdur. Xəstə imiş, onu yoluxmağa bir çox adam gəlmişmiş. Kalba Şirin qonaqlara deyir: – Durun otaqdan çıxın, yanıma gələn var. * * * Hamı otağı tərk edir. Yarım saatdan sonra dönüb görürlər ölmüşdür. Rus-yapon müharibəsi başlandı. O zamana qədər tanınmayan kiçicik Yaponiyanın böyük Rusiyaya qələbə çalması xalqa böyük təsir bağışlayırdı. Yaponiyanın qələbəsi fənnin və texnikanın əhəmiyyətini göstərirdi. Bunu xalq anlayaraq köhnə söhbətləri buraxıb, siyasətə qapılmağa başladı. Yapon müharibəsindən əvvəl bəzi ziyalılara Krımda çıxan “Tərcüman”, Istambul qəzet və jurnalları gəlirdi. Bir-iki adam da Misirdə nəşr olunan “Türk” qəzeti gətirdirdi. Qafqazda türk mətbuatı yox idi, çar hakimiyyəti müsaidə etmirdi. Nəhayət, inqilab hərəkatı nəticəsində Məhəmməd ağa Şaxtaxtinski Tiflisdə gündəlik “Şərqi-rus” qəzetini çıxarmağa müvəffəq oldu. Şuşada indi ən çox oxunan “Şərqirus” la Bakıda çıxan rusca “Kaspi” idi. “Kaspi”də Əhmədbəy Ağayevlə bərabər, başqa türk mühərrirləri də iştirak edirdi. Inqilab hərəkatı getdikcə alovlanır, üsyan və tətil Rusiyanı başdan- başa sarsıdırdı. Məktəbdə gizli olaraq intibahnamələr paylanır, oxuyub coşurduq. Bir gün bir erməni yoldaşın evində iclas oldu. Türklərdən mənimlə Mirhəsən Vəzirov çağırılmışdı. Tətil etmək qərara alındı. O biri gün məktəbdə dərsləri yarımçıq kəsib koridorlara çıxdıq. Marselyoza oxundu. Şur bizi tutub bir çox da şüşə sındırdıq. Özümüzlə lax yumurtalar gətirmişdik, konservator müəllimlərin başlarına vururduq. Inqilab ruhlu müəllimləri hörmətlə müəllim otağına apardıq, tələbələrlə fəna rəftar edənlərin çoxları pəncərələrdən atılıb qaçmışdılar. Sabiq feldfebeldən biri mübəssir vəzifəsində idi, bu bizi çubuqla döyərdi, ilk əvvəl onu axtardıq, ələ keçmədi. Buraxıb qaçdığı kürkünü götürüb, acığımızdan cırıq-cırıq elədik. Bir bölük soldat gəlib məktəbi dövrəyə almışdı, buna baxmayaraq mitinq yapıb tələblərimizi məktəb müdiriyyətinə təqdim etdik. Tətilə cavab olaraq məktəbi bağladılar. Bu qərardan məmnun qalmayan bəylər və rus məmurları balalarının tətildə iştirak etmədiklərini irəli sürüb məktəbin açılmasına dair ərizə verdilər. Bizi təkrar məktəbə yığdılar, bir-bir rəyimizi sordular, yenə tələblərimiz yerinə yetməsə, dərsə girişməyəcəyimizi qəti olaraq bildirib məktəbi tərk etdik. Oxumaq istəyən əqəliyyətdə qaldığı üçün məktəbi açmadılar. Buna baxmayaraq bəylər israrlarında davam edir, türklərin çara sadiq olmalarını irəli sürürdülər. Bir gün Qarabağ xanlarından Cavad ağa türk tələbələrini evinə çağırdı. Ora gedərkən Mirhəsən yolda mənə dedi: – Qapını həmişə Cavad ağanın oğlu Kikil ağa açır. Kikil ağa acıqlı olsa, bil ki, Cavad ağa da bizə qarşı acıqlıdır. 1918-ci ildə 26-lar sırasında öldürülmüşdür. Mirhəsənlə Şuşada “Fokusnik”adlı əllə yazma jurnal çıxarırdıq, rəsmlərini də mən çəkərdim (müəllif) 2 Yeniliyə zidd adam 3 Hərbi çin 4 Baxıcı, nəzarətçi Doğrudan da Kikil ağa acıqlı idi. Içəri girdik, oradakı ağalar və bəylər də bizi kinlə qarşıladılar. Bir zadəgan mitinqi də burada başlandı. Müsəlmanların ənənəvi sədaqət və übudiyyətində padşahın “şəfqət və ədalətinə” dair havalar çalıb bizi yolumuzdan daşındırmaq istədilər. Axırda Mirhəsən tətili davam etdirəcəyini qəti olaraq bildirdi, mən də eyni fikri ifadə edib, məclisi tərk etdik. O gündən etibarən bəylər bizə düşmən oldular. Bir neçə ay davam edən tətil zamanı boş vaxtımızı ictimai işlərə sərf etdik: türk hissəsində qiraətxana, kitabxana, teatr təşkil etdik. Mövqufatı öz xüsusi əmlakına çevirmiş mollalarla çarpışaraq aşağı məsciddə özümüzə bir hücrə alıb, müəllim tutduq, türkcə savadımızı 1905-ci il inqilabı bütün türklər üçün intibah dövrü oldu. Bakıda türkcə qəzetlər çıxır, hər yerdə cəmiyyətlər, məktəblər açılırdı, türk işçiləri də inqilaba sarılmağa başlamışdı. Bu yeniliklər bizi sevindirir, çar məmurlarını da əndişəyə salırdı. Şeytənət toxumu səpilməyə başladı. Bunun nəticəsi olaraq Bakıda milli çarpışma baş verdi. Bu acı hadisə haman hər yerə əks etdi. 1905-ci ilin yayında Şuşada vuruşma düşdü. Polis və hökumət əsgərləri bu düşmənçiliyə qarşı laqeyd qaldığı üçün xalq bir-birini qırıb, bir çox evlər yıxdıqdan sonra barışdılar. Bu axmaq düşmənçiliyin nəticəsində əldə nə edildi? Iki tərəf də xaraba məhəllələr, ölü, yaralılar və yetim qalmış çocuqlardan başqa bir şey qazanmadı. Türk hissəsində xəstəxana olmadığı üçün doktor Kərimbəy Mehmandarovun təşəbbüsü ilə xəstəxana açılıb, türk yaralılarını oraya topladılar. Yetimlərə məktəb açmağı da Kərimbəy mənimlə bir yoldaşıma tapşırdı. Məktəb təşkil edib, dərsə başladıq. Iki aylıq mühasirədən sonra hökumət qoşunu gəlib, Əsgəranı topladı, yol açıldı. Bakıdan göndərilən ianə unları şəhərə gəlib camaatı aclıqdan qurtardı. Barışıq olarolmaz türk hissəsinə ilk gələn erməni sənətkarları və yoxsulları oldu. Bunlar həyatlarını türk arasında işləyərək təmin edirdilər. Bəlli oldu ki, türk yoxsulu kimi, erməni yoxsulu da ac imiş, erməni-türk düşmənçiliyini körükləyən burjuaziya isə çox gözəlcə yaşayırmış. Şəhərin təhlükəli vəziyyətindən doğan aclığa bir də ailə aclığı əlavə olundu: atam xəstələnib Ağdamdan gəldi. “Atam xəstələnərsə, necə olacaq?..” – deyə illərdən bəri məni həyəcanlandıran qorxu bu gün bir əmr-vaqe olmuşdu. Atam qoca olduğu üçün tez-tez xəstələnərdi və xəstə olduğu zaman, bir fars məcmuəmiz vardı onu açdırar və çox sevdiyi bir şeri oxutdurardı. “Atəşi mibinəm, ey yaran, zi dur...” – deyə başlanan beytlər oxunurkən atam ağlar, xəstəliyi yüngüllənərdi. Bu dəfə xəstəliyi o qədər ağır idi ki, sevdiyi şeir belə yadına düşmürdü. 1906-cı il fevralın 20-də atam vəfat etdi. “Xeyir-şər” otağında ikinci şər məclisi quruldu. Anam, kiçik bacım və qardaşımdan ibarət bir ailə himayəmə keçdi. Özüm də beşinci sinifdə ikən məktəbdən məhrum olmuş bir gənc, həyati təcrübəm yox, pulum yox. Çıxılmaz bir vəziyyətə düşərək, bədbin və hövsələsiz idim. Anam mənə ürək-dirək verirdi, “allah kərimdir” – deyirdisə də, bu sözlərdən daha da acıqlanırdım. İlk əvvəl Ağdamdakı dükanı satmalı idim. Bazarın başına getdim, iki boş neft fıçı yüklənmiş bir ağ araba gedirdi, altı şahı verib mindim. Araba getdikcə fıçılar atılıb düşür, fəna qoxu başımı gicəlləndirirdi. Düşüb piyada getməkdən başqa çarəm yox idi. Yol uzunu yandırılmış evlərə, karvansaralara tamaşa edirdim, canavara dönmüş insanlar abadanlıqları kor qoymuşdu. Bütün günü yol gəlib, axşamçağı Ağdama çatdıq. Bir-iki gün qalıb, dükana müştəri axtardığım halda, xəstələnib Muradbəylidə yaşayan bibimin evinə getdim. Iki ay yatalaqdan yatdım. Özümü bilmirdim, hərdən bir-iki dəqiqəliyə ayılıb ətrafı süzür, təkrar böhdə gedirdim. Bir gün soyuq havada bağların arasında kəndlilərlə əlləşdiyimi duydum, yataqdan qaçmış imişəm. Dalğın zamanlar gözümə qəribə şeylər görünürdü: divlər məni təpiklə vurub, un çuvalına soxurdular, nimçədə mənə qarpız gətirilirdi, anam ağacın budağında oturub məni çağırırdı, getmək istədikdə, buraxmırdılar... Iki aydan sonra məni şəhərə gedənin birisinə qoşub, evimizə göndərmişdilər. Sonralar eşitdiyimə görə, bibim sağalacağımdan ümidini kəsib məni Şuşaya ölmək üçün göndərirmiş. Anamın məni necə qarşıladığını xatırlamıram, ancaq indi tez-tez ayılır, ətrafımdakıları tutqun Uzaqdan, ey dostlar, atəş görürəm. Boçka da olsa sezirdim. Üç ay da yataqda qaldım, anam yasdığımın yanını kəsdirib, mənə baxır, məni bəsləyirdi. Bir gün yeməyimi verib, yarım saatlığa getdi, mən də yuxuladım. Yuxuda gördüm ki, artırmamızda bir çıraq var, kim isə mənə dedi, bu çıraq üç idi, ikisi sındı. Bu sözləri eşidər-eşitməz o bir dənə çıraq da düşüb sındı. Ayıldım. Anam gəlmişdi. Yuxumu ona anlatdım, bir söz demədi. Bir müddət sonra yaxşılaşıb artırmaya çıxmışdım. Anam yanımda idi, dedi: – Bir ay əvvəl gördüyün yuxu yadındadırmı? O günü dayın öldü, mən də yarım saatlığa onun təziyəsinə getmişdim. Bir çırağımız qalmışdı, o da söndü. Deməli babamın son oğlu da ölmüşdü. Anam məni rahatsız etməmək üçün xəbəri sezdirmir, acı kədərini susdururmuş. Çox zəif olduğum üçün gündə bir saat gəzib, evə dönür və artırmada otururdum. Bu artırmada nələr düşünməzdim. Əlifbamızın qüsurlarını duyaraq iyirmi doqquz yeni hərf icad etmiş, bunun ətrafında çalışırdım, yeni-yeni rəsm mövzuları arayırdım... Xəstəliyim getdikcə yaxşılaşırdısa da, özümdə təqib olunmaq maniyası duyurdum, mənə belə gəlirdi ki, məni nə üçün isə öldürmək istəyirlər. Bu vasvasılıq mənə rahatlıq vermirdi. Bir gəzməkdən dönərkən dərəqıraqlı bir sərsəriyə rast gəldim. Üzünə baxar-baxmaz: “Bu adam məni öldürəcək” deyə başımda bir fikir doğdu. Ehtiyatla evə döndüm. Anamın israrına baxmayaraq on gün evdən çölə çıxmadım. Bir də atışma başladı... General Qalaşsapov da kazakları ilə bərabər daşnaqlara kömək edirdi. Top və tüfəng səsindən qulaq tutulur, yanan məhəllələrin işığında gecələr iynə saplanılır... Bu dəhşətlər arasında hər şeylə bərabər vasvasılığımı da unutdum. Bir çox adam qırıb, ev yandırdıqdan sonra yenə sülh oldu, yenə riyakar andlar içildi, keşiş məscidə, molla kilsəyə gedib, əməkçiləri yalan sözlərlə uyudub dağıldılar. Doktor Kərimbəy Mehmandarov bir xəstəxana təşkil edib, türk yaralılarına müalicəyə başladı, tələbələri də xəstəxanaya işləməyə çağırdı. Evi tərk edərkən yenə vasvasılıqdan həyəcanlanmağa başladım, dərəqıraqlının sərt siması gözlərimin qabağından çəkilmirdi. Istər-istəməz məndə bir arzu əmələ gəldi: Dərəqıraqlı heç olmasa, yüngül yaralanaydı, ona xəstəxanada qulluq edəydim, mənə dəyməyəydi... Xəstəxanada əynimə ağ don geyib, birinci yaralılar otağına girdikdə... dərəqıraqlını yataqda gördüm. Gözünün biri bağlı idi. Sevinc içində ona yanaşıb dedim: – Gözünə nə oldu? Qorxma yaxşı elərik. Dərəqıraqlı gülümsünərək dərdini anlatdı: dumdum gülləsinin qabığı qopub, sol gözünün üstünə girmişdi... Artıq bu adam məni öldürməyəcək, – deyə nə qədər sevinmişdim... Payız düşür. Duman ətrafı bürümüş. Sarıya və qırmızıya donanmış ağaclar kədər saçır. Varlı türk tələbələri çəkilib o biri şəhərlərə getmiş, yalnız yoxsul balaları köçdən ayrı düşmüş quşlar kimi çırpınırdı. Təhsilimizi tamamlamalı idik, oxumaq həvəsi bizi sarsıdırdı. Bakıdakı yoldaşlarımdan birinə məktub göndərib, vəziyyətimi anlatdım. Neçə gün keçməmiş bir teleqram alıram: “Kərimbəydən 20 manat yol xərci al, gəl”. Bakıya deyil, mənim üçün yeni başlayan elm və mədəniyyət aləminə gedirdim... Nə sevincli dəqiqələr idi! 11 fevral 1936-cı il * * * Kitabxana.az · https://kitabxana.az/collections/cemenzeminli-heyatimin-20-ili İctimai mülkiyyət (müəllifin vəfat ili: 1943). Public domain (author died 1943). Original text only.