Həzrəti-Şəhriyar Yusif Vəzir Çəmənzəminli (1887–1943) Həzrəti-Şəhriyar HƏZRƏTİ– ŞƏHRİYAR yeddi şəkilli komediya İştirakedirlər SüleymanSalehbəy – sabiq Türkiyə mütəsərrifi Bəhicə – rəssam İb adulla – azərbaycanlı tələbə Bağır – azərbaycanlı tələbə Xəndanəfəndi – türkiyəli bir şair Nauməfəndi – tacir Qastonde - Mustaz – mətbuatçı Ziyarətçilər – (2) Diyodone – “Müsəlman qardaşlığı” sədri. Dreyyer – “Şərq dostları cəmiyyəti”nin fəxri üzvü Əbdüləzimpaşa Əbdülqədimpaşa Mollede - Valay – “Finansier” müxbiri Amerikalıikiqız – (yaşlı) Müdirəğadınlar, qarsonlar, işçilər. * * * Birinci şəkil Adi Paris otelində bir otaq. Ön divarda bir pəncərə, qarşısında bir masa və iki sandaliya var. Masanın üzərində qəzetlər. Sol tərəfdə üzəri güzgülü qarderob, onun yanında mərmər masanın üzərində saxsı ləyən və şırno görünür. Sağ tərəfdə qapı; pəncərə ilə qapı arasında sadəcə dəmir çarpayı qoyulmuşdur. Süleyman Salehbəy masanın sağ tərəfində və Bəhicə sol tərəfində oturub, soyuq bir tərzdə danışırlar. Bəhicə. Son zamanlar səndən heç bir qəti söz eşitməyirəm... Əvvəllər belə deyil idin. (Sükut). Bilsən nə qədər ağır vəziyyətdəyəm. Hamiləliyimi səfarət belə bilmiş. Məhçub oluram, heç bir yerə çıxa bilməyirəm... (Sükut).İstambula xəbər çıxsa, (həyəcanla) aman allah, atam-babam nələr çəkəcəklər. (Ayağa durub, dəsmalı ilə gözünü silib pəncərədən dışarıya baxır. Sükut. Təkrar dönür). Saleh, səndən heç bir şey istəməyirəm, nə əkmək, nə əlbəsə, əlimdə kəndimi təmin edəcək qədər sənətim var... Tablolarım az-çox satılır... Yalnız dünyaya gələcək çocuğumuzun atası olduğunu söylə, münasibatımıza rəsmi bir şəkil ver. Səndən ricam budur (ağlayır). Yalnız bir ad! Süleyman Salehbəy (Bəhicənin qolundan yapışıb oturdur. Təsəlli verərək). Bəhicəciyim, neçün talaş edirsən? Evlənəcəyimizə söz verdim, bu sözdən qaçdımmı? Bəhicə (ağlayaraq). Qaçmadın, fəqət nədənsə, uzadırsan. Beş dəqiqə sürəcək bir nigah əqdi çətindirmi?.. Nədənsə bunu yapmaqdan çəkinirsən. Süleyman Salehbəy (ondan ayrılıb otaqda gəzərək). Ah, Bəhicə, sanki vaqe olanlardan xəbərin yoxdur. Mustafa Kamalın elan etdiyi 150-liklər cədvəlini eşitdinmi? İştə mənim də adım oradadır... Deməli, xain deyə vətəndən tərk olunmuşam. Burada iş tapa bilməyirəm. Fransızcam da oylə qüvvətli deyil... olsa nə olacaq. Fransa məmurunun orta maaşı ayda altı yüz frankdır. Oda kirəsi ilə yeməyi zorluqla ödəyir... (Sükut). Bu vəziyyətlə evlənə bilərəmmi... (Sükut). Bir az param var, o da bir gün gələr bitər... Bir türk məmurunun berikdirdiyi ara nə olacaq. Babamız zəngin olmamış ki... Bəhicə (bir az hiddətlə). Bunu əvvəldən bilməyirdinmi? Onda aşqa tərzdə qonuşurdun. Süleyman Salehbəy. Bilməyirdim. Namusum haqqı bilməyirdim. Nə bileydim ki, karatalar mənə bir xain ünvanı takacaqlar.Dedim Kamal İstambulu alar, biz də geri dönəriz... Deyirlər, fransızlar işğal etmiş olduğu yerdə mütəsərrif olmuşsan. Pəzəvəklər, acımdan ölməyəcəkdim ki... (Qapı tıqqıldayır). Gəlin! İbadulla (əlində boş çamadan içəri girir). Mərhaba, əfəndim (Bəhicəyə baxaraq). Deyəsən, mane oldum (Bəhicə üzünü divara çevrib, dəsmalla gözlərini silir və sonra masanın üzərindən qəzet götürüb, oxumaq bəhanəsi ilə üzünə tutur). Suleyman Salehbəy. Yox, əfəndim, buyurunuz! İbadulla (çamadanı divarın dibinə qoyaraq). Çoxdan göruşmədik. Qəhvədə idik. Xəndan əfəndi ilə Bağır da orada idi. İndi onlar da gələcəklər. (Bəhicə hərəkətə gələrək, qəzeti masanın üzərinə qoyur. Sonra divara tərəf çönərək qalxır və hamiləliyini gizlətmək üçün incə paltosunun ətəyini irəli tutaraq çıxır. Süleyman Salehbəy onu təşyi edir). Bəhicə (qapının ağzında yavaş səslə). Saleh, məktub yazacağam, ona cavab verərsən. Süleyman Salehbəy (rəsmi). Pək eyi. Gülə-gülə! (Bəhicə əl vermədən çıxır. Saleh bəy geri dönür). İbadulla (gülə-gülə Salehi qucaqlayır). Saleh əfəndi, allahı sevərsən, bu nə kələkdir (bir yerdə masaya doğru gəlib orada hərəsi bir sandalyada oturur). Deyəsən azərilər demişkən, “bogazdır”, olmaya kələyə düşmüsən? Süleyman Salehbəy (şən). Bəradər, sizin bu azəri kəlməsi çox xoşuma gəlir: çünki dünyada kələksiz keçinmək qabil deyil... Şimdi, İbadulla (çamadanı göstərir), sən söylə görüm bu çamadan nə kələkdir? İbadulla (qəhqəhə ilə əlini ona uzadır). Vur! (Süleyman Salehbəy əlinə vurur). Sən hələ onu bilməyirsən? Süleyman Salehbəy. Mən nərədən bileydim, əfəndim. Mən kələyə yenicə alışıram. Allah eşqinə, o nədir? (Çamadanı göstərir). İbadulla. Əfəndim, bilirsən, yenə pulsuzluqdur. Otelə borclu idim. Otelçi şeylərimi saxlayıb, özümü qovdu. Dünən gecəni Monmartırda bir qəhvədə keçirdim. Sabah gəlib günortaya qədər Bağırgildə yatdım. Bu axşam bu çamadan ilə tanımadığım bir otelə gedəcəyik. Beş-on gün yaşayıb, pul istəyəndə çamadanı orada buraxıb bir daha gəlməyəcəyəm... Boş çamadan (göstərir) mənə zamin olur. Süleyman Salehbəy. Əfəndim, bu gözəl iş. Bir çamadan otuz frank, on gün yaşaya bilsən, bu ən azı yüz frank. Yetmiş frank qazanırsan. O... sən qurnaz adamsan, azəri istilahınca, tam bicsən. Bəlkə mənim işimə də çarə arayasan. İbadulla. Nə iş? Süleyman Salehbəy. Görmədinmi? Qadın yapışıb əl çəkməyir. Bəradər, bu nəcib fransız qızları ilə illərcə yaşayırsan, heç bir ocuq olmayır. Bu bizim abdal türk qızları bunu da bacarmayırlar. Baxsan da bir kaç dəfə görüşdük, şimdi səkkiz aylıq çocuğu var. Evlən deyir. Ölümdən, intiqamdan bəhs edir. İb adulla (bir şey kəşf edər kimi). Onun əlacı məndə. Süleyman Salehbəy (sevinclə). Yox, əfəndim? İbadulla. Vallah, düz deyirəm. Ancaq bir şey verməlisən. Məccani olmaz. Süleyman Salehbəy. Hay-hay əfəndim, sən qurtar da. İbadulla. Min frank gəlir? Süleyman Salehbəy. Bir ziyafətdə üstəlik. İbadulla. Əlini ver (əl-ələ tutuşurlar). Mən aşiq olacağam. Süleyman Salehbəy. Burax canım. İbadulla. Vallah olacağam. Coşub-daşacağam. Ağlayacağam. Əlindən-ayağından öpəcəyəm. Məktub yazacağam... Bir gün onun məktublarını bu masanın üzərində görərsən. Sonra çağırıb əxlaqsızlığını isbat edərsən, vəssalam, bir daha sənə görünməz. Bitdi. Bir gənc professor da ixtiyar qarısından yaxasını qurtarmaq üçün mənə müraciət etmişdir. Bu vasitə ilə canını qurtardım. Süleyman Salehbəy (düşünərək). bu plan fəna deyil... lakin karata məni çox sevir, qorxuram bir şey çıxmaya... Bəradər, yazdığı məktubları görsən, eşqindən çıldırır. Kəndisi rəssamdır, bənim dürlü-dürlü rəsmimi yapmış, yataq odasını bənimlə süsləmiş. İbadulla. Onun zərəri yoxdur; elələrini çox görmüşəm. Mən yoldan çıxararam. Qadınları neçə ildən bəri tədqiq etmədəyəm. Zəif nöqtələrini bilirəm. Qapısının dışarısında uzanıb gecə sabaha qədər ağlaram. Bu hala qarşı qadın qəlbi müqavimət göstərə bilərmi? Sənin işin yoxdur, sən minliyi hazırla. Süleyman Salehbəy. Əmin ol, hazırdır. Para gözləyirəm... Fəqət, bəradər, bu qız sənin bildiyin qızlardan deyil. Çox əxlaqlıdır. Qorxuram. İbadulla. Qorxma, əxlaq nədir-zad nədir. Qəlbi olanın, hissi olanın da əxlaqı olarmı? Əxlaq taxtada, dəmirdə olar... Ha-ha-ha. Pul ilə qadında əxlaq olmaz. Sən o əxlaqsız yüzlükləri ver də bağrıma basım, sonra gör nə kələklər düzəldirəm. Bağır (girir). Mərhəba, əfəndim. Xəndanəfəndi (girir). Mərhəba, əfəndim. Süleyman Salehbəy. Mərhəba (yer göstərir. Çarpayının üstündə otururlar). Yeni nə xəbər? Bağır. Eyilik-gözəllik. Kürd üsyanından başqa bir yenilik yoxdur. Süleyman Salehbəy. Bunu bilirik. Bən kürd olum da bunu bilməyim. Eyi yapıyurlar. Azğın Kamala o da azdır. Xəndanəfəndi. Nə söyliyeyim... Nəticə etibarilə Kamalmı zərər görəcək, kürdmü?.. Kiçik xalqların üsyanını bilirik. Ermənilər də üsyan yapdılar. Nə oldu... Qocaman bir xalq məhv olub getdi. Avropa kapitalistləri daşnaq başçılarına para verdi, zavallı xalqı üsyana sövq etdilər. Kürd üsyanı da eyni şeydir... Xalq bundan qazanacaqmı?.. Ağlım irməyir. İbadulla (gülərək). Mən siyasətçi deyiləm. Qəzeti də əlimə aldıqda elanları və hadisələri təqib edərəm. Bir kokotun macərasını xarici nazirlərinin diplomatik söhbətlərindən üstün tuturam. Çünki mənim özüm də lotuyam, daha diplomatların lotuluğuna ehtiyacım yoxdur... Hər halda mənə belə gəlir ki, bu kürd işində bir kələk var. Süleyman Salehbəy (gülə-gülə). Sən də kəndin kələkbaz olduğu üçün hər şeydə kələk görürsən. İbadulla. Ah, atam kələyə qurban! O kələk olmasaydı mən bu beş ili Parisdə necə yaşardım. Allah da kələkbazdır. Görürsən bir xamın birisini başına döyə-döyə yanıma göndərir ki, ye, ey lotu bəndəm. Bağır. Lotu bəndə də yeyir, heç bizə xəbər verməyir. İbadulla (Bağırın sözlərini eşitməz kimi). Keçən il İrandan bir xan gəlib çıxmışdı. Allah onun atasına behişt versin, başdan ayağa xeyir-bərəkət idi. Xəndanəfəndi. Keyf etdin. İbadulla. Ah, nə keyf. Tiryəkkeş idi. Tiryəki hoqqaya doldurub lüləsinə verirdim, bəridən o yana gedirdi... Cibinə müdir olmuşdum... Ha-ha-ha... Xəndanəfəndi. Ənfəs, əfəndim, ənfəs! İbadulla. Əşi, ənfəs nədir. Kişidə (əlilə göstərir) yığın-yığın pul vardı. Sənin də quru bir ənfəsin var. Sən şairsən, ənfəsiyin bu yerlərdə şəltəsi işləməz. Süleyman Salehbəy. Bəradər, bu kələklərdən bizə də öyrət, bir az para qazanalım. Bağır. bunun kələyi xırda kələkdir, ondan bir şey çıxmaz. “Qaz vur, qazan dolsun, sərçə nədir, bozbaşı nə ola”. İbadulla. Deməli, mən sərçə oldum. Xəndanəfəndi. Maraq etmə, əfəndim, sərçə də bizdən yaxşıdır. O həmişə toxdur. Biz... İbadulla (Xəndan əfəndinin sözlərini kəsərək). Biz kor yapalaq, biz tənbəl şərqli. Biz hazırına öyrənən. Iş lazım, bacara bilmirik. Acizik. Baxın Naum əfəndi nə işlər görür. Bakıda satmadığı neft yeri qalmadı. Misirdə bir milyoner ölmüşdü. Heç kimsəsi qalmamışdı. Bir qadın tapdı, bir çocuq düzəltdi, kağızlar qayırdı. Vəkil, məhkəmə... vur ha vur. Axırda kişiyə varis çıxıb, pulları aldılar. Xəndanəfəndi. Ənfəs, əfəndim! Süleyman Salehbəy. O, biz Naum əfəndimi olacayız? O hələ İstanbulda ikən bursanın qurdu idi. Nə işlər yapmadı. Sonunda kamalçıların gələcəyini duyub qaçdı. Bağır (başını tərpədərək). bizdən Naumlar yetişməz. Bizim Bakıda yerdən neft çıxıb gicləri adam eləmişdi. Bura gəldilər, paxırları açıldı – var-yoxlarını keyfə qoyub, indi avara-avara gəzirlər. Bircə iş də bacara bilməyirlər. Bizdən Naum olmaz! İbadulla. Canım, o qədər olmaz deyirsiniz, olmayır. Gəlin ele eliyək olsun... Vallahı doğru deyirəm, gəlin düşünək, axtarak (sükut). Hamı. Düşünəlim (düşünürlər). Xəndanəfəndi (düşüncədən ayrılaraq). Olmayır, əfəndim. Bənim şair qafama xəyaldan başqa bir şey girməyir. Hər haralarda dolaşıram, oradan (göyü göstərir) aşağı enə bilməyurəm. İbadulla. Xəndan əfəndi, səndən bir şey çıxmaz: sən şairsən. Hərdən bir şeir yazarsan, qulaq asarıq. Biz pul tapaq, sən də nəmi pişiyi. Xəndanəfəndi. O nədir? ibadulla. Kədi bilirsən: piş-piş-piş? Xəndanəfəndi. Sonra? İbadulla. Biz taparıq, sən də yeyərsən. Buna nəmi pişiyi deyərlər. Xəndanəfəndi. Bu gözəl. Zatən şair də elə kədi kimi bir şeydir. Sıcaq saray guşəsi ola, sən də bir-iki mədhiyyə söyləyib rahat yaşayasan. Ənfəs! İbadulla. Yox, əfəndim, bu ənfəsdən bir şey çıxmaz. Saray da bir şey deyil – can sıxar. Bilirsən necə iş? – Zəhmətsiz iş lazımdır. Para çıxan iş. Bağır (Süleyman Salehbəyə). Saleh əfəndi, Naum əfəndi ilə çoxdan tanışsınız, niyə bir iş düzəltməyirsiniz. Bir iş düzəldin, biz də... bir az yağlanaq. Süleyman Salehbəy. İştə şərqliyik (istehza ilə). Dövlətialiyyeyiosmaniyyənin mütəssərifi bir bəzirkan yəhuduya boyun əyərmi? (İstehza ilə). Biz ağa millətiz. Xəndanəfəndi. Ciddən eylədir. Biz ağa olmuşuz. Biz başqa şəraitdə yaşamışız. Əzilməsək, həyat yollarını öyrənəməyiz. İbadulla (gülərək). Hələ əzilməmişik. Yahu, acından ölürük. Otelçi əzir. Mədəmiz hər an, hər dəqiqə əzir... Daha əzilmək nəyə deyirsən? (O, çamadanı göstərir). Görürsənmi? Içində heç bir şey yoxdur ancaq mənim üçün o qədər ağırdır ki, bütün varlığımı, şərəfimi, namusumu əzir... Daha əzilmək nəyə deyirsən?.. (Qapı tıkkıldayır). Süleyman Salehbəy. Girin! Qapıçı (girir). Salehbəy, sizi telefona çağırırlar. Süleyman Salehbəy. Pək eyi (Qapıçı çıxır). Əfv edəsiniz, şimdi gəlirəm (çıxır). İbadulla. Balam, gedək, kişiyə mane olmayaq. Xəndanəfəndi. Mane olmarız – o işsiz, biz işsiz. Olsa-olsa bizim kimi bir az uyur, sonra bilyarda, ya qəhvəyə gedər. Bağır. Qaliba, parası var. O bizim kimi deyil. Xəndanəfəndi. Təbii, əfəndim. Mütəsərrif olmuş. Bir-iki sənə yeyər. Məsələ bizim məsələdir, daha doğrusu, mənim məsələmdir. (Bağıra). Çünki sizin qəbahət özünüzdədir – Bolşevik hökuməti sizə hər ay para göndərirdi, istifadə edə bilmədiniz. Məktəbi bitirib, başqaları kimi vətəninizə dönməli idiniz. Qaliba, burada təhsillərini bitirib Azərbaycana dönənlər şimdi eyi mövqe tutmuşlar. İbadulla (Xəndan əfəndiyə). Xəndan əfəndi, məntiqi mülahizə və məsləhətlərdən xoşlanmam. Sözü dəyiş. Yaradılışın özündə belə məntiq yoxdur. Sən də mənə məntiq müdərrisliyi edirsən. Mən məntiqi həyatı sevməyirəm. Quş kimi işləmədən yemək və heç bir şeyə baş əyməmək. Sərsəriliyimin səbəbi bu. Bağır (istehza ilə). Quşlar da bizdən xoşbəxt yaranmışlar: paltara pul verməyirlər, otelə pul verməyirlər. Aralarında pul işlənmədiyi üçün pula da ehtiyacları yoxdur... Allah quruluşundan mən də məmnun deyiləm. Xəndanəfəndi. Bəndəniz də belə zənn edir ki, cənabi-haqq dünyanı eyi yaratmamışdır. (Sükut). Quş da olmaq istəməzdim... İnsan olmaq da ağır işdir. Başqa bir şey olmaq istərdim... İbadulla (gülərək). Meymun... Xəndanəfəndi. Meymun kəndinsən, pəzəvəng. (Qalxıb İbadullaya hücum etmək istəyir. Bağır buraxmayır). İbadulla (gülərək). Xəndan əfəndi, darılmaq neyçün? Sən meymun olma, mən olum. Bu Parisdə meymunun hörməti insandan çoxdur. Bir aristokrat xanımın itə və meymuna qoyduğu xərci sənə qoysalar, adama bənzərsən. Xəndanəfəndi (darılaraq). Yenə xalt etdin. Süleyman Salehbəy (şən bir halda girir). Arkadaşlar, bəndənizi əfv buyuracaqsınız, getməliyəm.İ eyiyə bənzəyir. Hamı (bir yerdə). Söylə nə olmuş? Söylə! İbadulla (gülərək). Pul çıxan işdən danış. Süleyman Salehbəy. Şlyapasını və paltosunu qarderobdan götürərək – Sonra (hamı getməyə hazırlaşır)! Pərdə * * * İkinci şəkil Naum əfəndinin iş otağı. Gözəl yazı masası üzərində gümüş yazı takımı, lampa və kitablar var. Masanın önündə iki qayış qoltuk qoyulmuşdur. Divarın dibində meşinlə örtülü taxt və kitab dolabları var. Divarlardan cürbəcür şəkillər və xəritələr asılmışdır. Naum əfəndi oturub yazır və arabir cibindən saatını çıxarıb baxır. Nauməfəndi (yerindən qalxıb otaqda gəzinir). Vaxt keçir. (Əllərini ovuşdurub fit çalır) Gecikdi. (Qapı yavaş tıkkıldayır, baftalı paltarlı qapıçı gümüş təpsidə vizit-kart gətirir). Nauməfəndi (Təpsidən kartı götürüb baxır). Gəlsin (Qapıçı yavaş addımlarla çıxır). Süleyman Salehbəy (Qapdan başını içəri soxaraq). Gəlmək olarmı? Nauməfəndi. Buyur. Buyur əfəndim (Görüşürlər. Masanın qabağındakı qoltukda yer göstərir, özü də keçib arxada oturur) Nərələrdəsən? Görükməyirsən... Bir iş yapırsanmı? Süleyman Salehbəy (sıxılaraq). Hala, heç bir iş... Nauməfəndi (heyrətlə). Deməli berikdirdiyin paraları yeyib, bitirirsən... Sonra?.. Süleyman Salehbəy (düşünərək). Yavaş-yavaş Fransızca öyrənirəm... Nauməfəndi. Öyrəndin nə çıxır. Fransanın ən yüksək məmurunun maaşı bizim kimilərinin adi bir ziyafət məsrəfini ödəməz. Ha-ha-ha! Sonra, sən Fransızcayı mükəmməl də bilsən, mövqe alamazsan, çünki sən əcnəbisən... Həqiqət böylədir! Sən bəzi divarlarda yazılmış hürriyyət, qardaşlıq, bərabərlik sözlərinə inanma, onlar əskidən qalma şeylərdir. Onlara inanan və əhəmiyyət verən də yoxdur, ha-ha-ha! Süleyman Salehbəy (məyus bir halda). Siz məni büsbütünm ruhdan düşürürsünüz. Nauməfəndi (gülərək). Doğru söz adamı ruhdan düşürməz, həqiqət böylədir. Süleyman Salehbəy. Pək eyi, nə etməli? Nauməfəndi (gülərək). Bax bu sual xoşuma gəlir. Şunu sən mənə əvvəldən versəydin, mən doğru yol göstərərdim... Şimdi sən mənim sualıma cavab ver: yeni bir şey duymayırsanmı? Süleyman Salehbəy (düşünərək). Düşünürəm, bir şey görməyirəm. Nauməfəndi. Qəzetlərdə nə var? Süleyman Salehbəy (düşünərək). Kürd üsyanından başqa bir şey yoxdur... Nauməfəndi (gülərək). Bu azmı? Iştə bizə şu lazım. Süleyman Salehbəy. Şəxsən bizə faydası varmı? Nauməfəndi (gülərək). Yahu. Hər bir hadisə para deməkdir. Bura Parisdir... Burada hər bir hadisə alınıb satılır... Yalnız hadisədən istifadə yollarını bilməli... Süleyman Salehbəy (sevinərək). Pək eyi, bən hazıram (Hava qaralır. Naum əfəndi durub elektrik lampaları yandırır, yerində oturur). Nauməfəndi. Şimdi, əfəndim, məsələ böylədir. Qəzetləri təqib edirsən. Məsələnin zahirindən başqa bir də iç tərəfi var. Kürdüstan üsyanında ingilis barmağı görükür. Şimdilik məqsəd kurd istiqlalı deyil. Mosul neftini ələ gətirməkdir. Üsyan müvəffəqiyyət qazanarsa, ingilis himayəsində bir kürd dövləti də meydana çıxa bilər. Təbii, Kamal üsyanı çapuq söndürməyə çalışacaq. Lakin yolların fənalığı nəzərə alınarsa, hər halda hadisə bir aydan az davam etməyəcək. Şunları söyləməkdə məqsədim var. Süleyman Salehbəy. Naum əfəndi, müqəddiməndən bir kambinezon olduğunu duyuram. Nauməfəndi. Təbii kambinezonsuz yaşamaq qabilmi?.. Fikrimi anladayım. Paris bursası bütün siyasi hadisələrə qarşı həssasdır. Hər teleqraf xəbəri orda maraqla dinlənir. Şimdi biz də işsiz durmamalıyıq. (Sükut) Belə hadisələrdə neft krallarının altun kisələri açılır, bacaran ciblərini dolduracaq. Süleyman Salehbəy (gülərək). Fikrini açıq söylə, bir şey anlamayıram. Nauməfəndi. Fikrim kürd hadisələrindən istifadə edərək... bir istiqraz yapmaqdır. Süleyman Salehbəy (heyrətlə). Hansı abdal parasından bezmiş? Nauməfəndi (sakit). Bunu məsələyə vaqif olmayanlar deyə bilər. Madam ki, mən işə başlayıram, deməli, əsasım var. Sən bir şey ki, qeyb etməyursan. Mən sana bir çox para vermək istəyuram. Razısanmı? Süleyman Salehbəy (sevinclə). Hay, hay, əfəndim! Paradan kim qaçar ki? Nauməfəndi. Dinlə. Şair xəyalı ilə uğraşmağa vaxtım yoxdur. Bən iş adamıyam. Bənim silahım bursadır. Bursa ilə də aşnayam. İstiqrazı yapacayam, fəqət bəzi hazırlıqlar lazımdır. Süleyman Salehbəy. Nə kibi? Nauməfəndi. Mətbuatda əvvəlcə bir-iki teleqram buraxmalı. Biri Bağdaddan, biri Beyrutdan. Kürd təxtinə namizəd bir adamın Kürdüstandan çıxıb da Avropaya səyahətə gəldiyini elan etməli. Bir az sonra Həzrəti-Şəhriyar Marselə azim olur. Parisə gəlib Şanz-Elize otelində iqamət buyurur, ha-ha-ha! Anlada bildinmi? Süleyman Salehbəy (gülərək). Ah, Naum əfəndi, fikrinə nələr gəlir. Nauməfəndi (ciddi). Iştə, Şanz-Elizedə Həzrəti-Şəhriyarın ətrafında dəbdəbəli bir hailə təşkil edərək işə başlayırız. Məsələ əfkari- ümumiyyəni ildırım qüvvəsi kimi qaplayıb, məqsədə varmaqdır. Bir dəqiqə qaib etsək, iş pozular. Süleyman Salehbəy. Pək eyi, qəzetlər yazdı, əfkari-ümumiyyə hazırlandı. Maraqlanıb, Şanz-Elizeyə gedən oldu... Sonra? Nauməfəndi. Nə sonra? Getsin. Gedər, Kürdüstan padşahı onu qəbul edər, ha-ha-ha! Süleyman Salehbəy (heyrətlə). Bu padşah şimdi, nərədədir? Nauməfəndi. Burada (Salehi göstərərək), mənim qarşımda oturmuş. Süleyman Salehbəy (qəhqəhə ilə sıçrayıb qalxır yerindən). Yahu, bən padşah? Bən Həzrəti-Şəhriyar? Ha-ha-ha! Bənimlə əylənirsənmı? Şakamı yapırsan? (Əli ilə özünü göstərərək) Saleh kral? Ha-ha-ha!.. Nauməfəndi (sakit və ciddi). Saleh kral. Heç bir şaka yoxdur. Para qazanmaq üçün bin vasitə var, bu da biri... Məsələdən uzaq düşməyək. Burada hazırlıq yapandan sonra, sən Marselə gedib, birinçi sinif vaqonda Parisə dönərsən. Stasionda səni təntənə ilə qarşılayıb avtomobildə Şanz-Elizeyə götürüriz... Maraq etmə, bu işə əlli min frank təxsis etmişəm... İyirmi dəfə artıq qazanmasam, sərf etmərəm... Şimdi sən söylə görüm, adamın varmı? Süleyman Salehbəy. Nə adam? (Oturur). Nauməfəndi. Elan verəcəyiz ki, Kürdüstana göndərmək üçün könüllü toplanır. Bu iş ilə məşğul olan iki adam lazımdır. Süleyman Salehbəy. Var. Burada azəri tələbələrindən Bağır adlı birisi var. Nauməfəndi. Bacarıqlı adamdırmı? Süleyman Salehbəy. Şeytan şeydir. Siyasi mühafillərlə də əlaqəsi var, zənn edirəm gizli vəzifəsi böylə var. Hər yerə girərçıxar, sirrindən də baş açmaq olmaz. Nauməfəndi. İşimizi pozmaz ki? Süleyman Salehbəy. Para versən, gözəl çalışar... Bir də Xəndan əfəndi var – sərsəri bir şairdir. Onun da maddi ehtiyacı böyükdür, para versək, məmnuniyyətlə çalışar. Türkiyyədən kusüb gələnlərdəndir. Məbus olmaq istəmişsə, intixab etməmişlər. Nauməfəndi. Pək eyi. Şimdi Qaston de Mustaza telefon edəlim də gəlsin, qəzetlərlə əlaqəyə girsin. (Telefon borusunu götürüb qulağına tutur) Allo – 44-45. Alo. Müsyö Qaston de-Mustaz evdədirmi? Özüdür? Axşamın xeyir. Tanıdınmı? Kimdir?.. Doğru!.. Bu saat işin var?.. Yaxşı evdə gözləyirəm. Avto ilə gəlsən daha gözəl olar. Əfəndim, maraq etmə, parasını verərəm... Allaha ismarladım. (Telefon borusunu yerinə qoyur). Süleyman Salehbəy. Bu kimdir? Nauməfəndi. Mətbuatçıdır. Nə məsələyə dair sifariş versən, üç-dörd günün müddətində bir kitabça yazıb gətirər. Yarın qəzətlərdə bax da, gör nə maraqlı teleqramlar nəşr edəcək. Süleyman Salehbəy. Məlumat verilsə, qəzetlər nəşr edərmi? Nauməfəndi. Təbii, məccanən yox, pul verəcəyik. Burada, əfəndim, hər şey alınıb-satılır. Para hər şeyə hakimdir. Pul ver, qəzet baş məqaləsində bir fahişəni Həzrət Məryəm kimi təsvir etsin. Əfəndim, Avropa başqa bir aləmdir. Burada olanlar bizim şərq qafamıza sığmayır. Burada məzar belə satılır, həm də vaqon kimi sinif-sinifdir. Yoxsula yer yoxdur. Beş min frankı olan ölü ancaq beş il məzarda yata bilər, əbədi istirahət üçün çox pul gərək. Zənginlərin itlərinə it qəbiristanında yer var, fəqir adama insan qəbiristanında yer yoxdur. Bunun üçün hər bir fırıldaq çevir də zəngin ol. Buranın qanunu belədir. Süleyman Salehbəy (heyrətlə). Yahu, bənim üçün sanki yeni bir Amerika kəşf olunur. Əcaba, mədəni Avropanın mədəniyyəti nərədə? Heyrət! Nauməfəndi. Bu mədəniyyət zənginlik mədəniyyətidir, zəngin olmayana heç bir şey yoxdur. Bənim də, sənin də zəngin olmağa haqqımız yoxdurmu? Vasitə qəbahət sayılmaz, məsələ məqsəddədir... Bir də bir şeyi unutma, yoxsul olsan meyitin bir baş klinikə götürüləcək,burnu kirli tələbələr əllərində bıçaq üzərində dəlləklik öyrənəcəklər, ha-ha-ha..! Vəzifəni bildinmi? Süleyman Salehbəy. Naum əfəndi, bir şeyi anlaya bilməyirəm – paranın bu qədər qiyməti olan bir məmləkətdə neçün boş yerə istiqrazlar verirlər? Nauməfəndi. Əfəndim, Avropa üçün boş yer yoxdur – verilən istiqraz gec-tez hökumət vasitəsilə zəif bir hökumətin üzərinə yüklənəcək. Bunu bilməlisən. Sonra, avropalılar o qədər acgözdürlər ki, para qazanmaq üçün paranı qumar masasına atan kimi atırlar (sükut). Iştə, bu vəziyyətdən istifadə edəlim. (Sükut, səsini dəyişərək). Deməli, adamların var. Süleyman Salehbəy. Var. Nauməfəndi. Pək eyi. “Kral”ı qarşılamaq üçün istasyona da bir adam getməlidir. Adamları təşviq etmək üçün onlara bir az para ver (masanın qutusunu açıb, pul çıxarır). Eyi olar ki, bunların hərəsinin bir rəsmi əlbəsəsi olsun... Zənn edirəm, hələlik beş min kafidir (pulu uzadır). Süleyman Salehbəy (gülümsəyərək). Yetər əfəndim (pulu alır və məmnun bir surətdə qoltuq çibinə qoyur). Nauməfəndi. Bunlara bir ziyafət də ver. Qoy əylənsinlər. Adam hər vaxt lazım olur. İnşallah, iləridə bir çox istiqrazlar yapacayız. (Qapı yenə yavaşca tıqqıldayır). Gəl! (Qapıçı əlində təbsi kirir, masaya yaxınlaşdıqda Naum vizit kartını götürüb baxır). Buyursun (qarson çıxır). Qastonde - Mustaz (girir). Axşamınız xeyir. Nauməfəndi – Axşamın xeyir. Təqdim edəyim (Süleyman Salehbəyi göstərir). Salehbəy. Mühüm bir simadır. Qastonde - Mustaz. Məmnuniyyətlə. (Görüşürlər. Qaston de-Mustaz Süleyman Salehbəylə qarşı-qarşıya oturur. Süleyman Salehbəyə) Nasılsınız, əfəndim? Süleyman Salehbəy. Təşəkkür edirəm. Qastonde - Mustaz. Simanız bana tanış gəlir. “Traternute muzulman” cəmiyyətində olmamışsınız? Süleyman Salehbəy. Bir dəfə getmişdim. Yəqin orada görmüşsünüz. Qastonde - Mustaz. Öylə olacaq (sükut). Nauməfəndi (Qaston de-Mustaza). Müsyö, məsələni izah etmişdim – vaqifsən. Qastonde - Mustaz. Bəli. Nauməfəndi. Sabahdan etibarən işə başlamalı. Qastonde - Mustaz. Teleqramlar hazırdır. İstərsəniz oxuyum. Nauməfəndi. Gözəl! Qastonde - Mustaz (cibindən bir kağız çıxarıb oxuyur). “Bağdad. Kürd üsyanı genişlənməkdədir. Diyarbəkirdə müvəqqəti hökumət təsis olunmuşdur. Kürdüstan krallığına namizədliyi söylənən Salehbəy buradan xaricdəki “Kürd təali cəmiyyəti” üzvlərilə görüşmək məqsədilə Beyrut yolilə Fransaya yola düşmüşdür. Alınan son məlumata görə Kamalın təskin üçün göndərdiyi ordu ağır zərbə yeyərək geri çəkilməyə məcbur olmuşdur”. Nauməfəndi. Yaxşıdır, fəqət Kürdüstanın daxili vəziyyətini bir az təfsilatı ilə yaz. Qastonde - Mustaz. Bu müsvəddəsidir. Təbii dəyişəcəyəm. Sabah bu “Maten” qəzetinə veriləcək. Nauməfəndi. Yaxşı olar ki, təqribən eyni mündəricədə bir teleqram da Istambuldan “Çikaqo tribun” qəzetinə verilə. Çünki bilirsən, bu məsələ ilə Ingiltərə kapitalı daha yaxından maraqlanır. Qastonde - Mustaz. Olar. Nauməfəndi. Başqa qəzetlərə neçə? Qastonde - Mustaz. İki gün sonra. İki gün sonra kral Beyrutdan çıxacaq. Bu, ayın yeddisinə təsadüf edir. Doğrudan da, o günü oradan Marselə vapor gedir. Məsələni ətraflı öyrənmişəm. Ayın səkkizində qəzetlərdə bir sıra teleqramlar nəşr edəcəyəm. Bunlar daha təfsilatlı və maraqlı olacaq. Nauməfəndi. Hər halda sən yeniyetmə mətbuatçı deyilsən. Təcrübən çoxdur, səni öyrətmək olmaz. Qastonde - Mustaz. Əmin ola bilərsən. Əfkari-ümumiyyə lazımınça tənvir olunacaq... Nauməfəndi. Nə zənn edirsən, bir-iki məqalə buraxsaq, neçə olar? Məsələn, “Fransanın Kürdüstanda mənafeyi”... Bilirsən, Suriyaya qonşuluq hesabilə... Məqalələri siyasətcə əsaslandırmağı özün gözəlcə bilirsən... Qastonde - Mustaz. Sırasilə “Maten”, “Pti pariziyon”, “Jurial” kimi qəzetələrdə böyük məqalələr yazaram, axşam qəzetəsi “Əntrasizona”da kiçik bir parça verərəm. Kafidir, zənnindəyəm... Nauməfəndi. Lap yaxşı. Sabah sən qiymət öyrən, bax gör qəzetlərə nə qədər pul verəcəyik – mənə deyərsən... Bilirsən, Fransa qəzetlərinin gurultusu ingilislər arasında şiddətli qısqanclıq hissi oyadacaq. Bizə bu lazımdır. Qastonde - Mustaz. Hay-hay. Anlayıram. Nauməfəndi. Daha nə kimi təşəbbüslər lazımdır? Qastonde - Mustaz. Bank mühafillərində nüfuzu olan biriki qüvvətli adam əldə edilməlidir. Kiçik millətlərə istiqraz veriləndə bunlarsız olmayır... Təbii, həqqi-sükut lazım... Nauməfəndi. Bunu bilirəm. Belə bir adam tanıyırsanmı? Qastonde - Mustaz. Təbii. Mən onlarla görüşərəm və verəcəyiniz paranı sezdirərəm. Sonra, Parisdə yaşayan Əbdülhəmid paşaları var. Onlar da Şərqdəki hadisələrlə əlaqədardırlar. Nauməfəndi. Lap yaxşı, bunların hamısını gör. Mənə də tanıtdır, bir gün ziyafətə dəvət edərik. Qastonde - Mustaz. Əvət-əvət. (Sükut. Naum əfəndi zəngi basır, qapıçı gəlir). Nauməfəndi (qapıçıya). Operetiv gətir. (Qapıçı çıxır). Qastonde - Mustaz. Məsələ indi aydındır. Kralın gəlməsi məsələsi ətraflı düşünülmüşdürmü? Nauməfəndi. Hazırdır. Salehbəy hər cəhətdə bizimlə həmrəydir. Qastonde - Mustaz. Çox gözəl! Çox gözəl! Nauməfəndi (gülümsünərək). Yoxsa, işsiz oturmuş, yığdığı pulları yeyib qurtarıb. Bunu da qazandırmalıyıq. Süleyman Salehbəy. Bənə müəllimlik etdiyinizdən dolayı mütəşəkkürəm. (Qapıçı təbsidə sifon, iki şüşə şərab və qədəhlər gətirib masanın üstünə qoyur, tökmək istədikdə). Nauməfəndi (qapıçıya). Biz özümüz tökərik. (Qapıçı gedir. Naum qədəhlərin dibinə hər şərabdan bir az töküb, başlarını sifondakı qazlı su ilə doldurur. Qonaqlara). Buyurunuz! Süleyman Salehbəy. Mersi! Qastonde - Mustaz. Mersi! (bir qurtum alıb təbsiyə qoyurlar və sonra mürur ilə içirlər). Nauməfəndi (Qaston de-Mustaza). Saleh bəyin bir sıra şeytan dostları var. Dünya işində olduqca mahirdirlər. Zənn edirəm, bizə çox yardım edəcəklər. Qastonde - Mustaz. Çox gözəl, çox gözəl! Şərqlilər çox zəki olurlar. (Süleyman Salehbəyə). Əfəndim, biz fransızlar şərqliləri çox sevəriz. Süleyman Salehbəy. Biz də hakəza. Fransayı çox sevdim. Ciddən mütərəqqi ölkədir. Qastonde - Mustaz. Əvvəlcə də Fransaya gəlmişdinizmi? Süleyman Salehbəy. Xayır, gəldiyim ilk dəfədir. Qastonde - Mustaz. Amma, fransızca eyi qonuşursunuz. Süleyman Salehbəy. Pək mükəmməl deyil. Qastonde - Mustaz. Əfəndim, bir həqiqət var ki, şərqlilər dili, bilxassə fransız dilini çox çapuq öyrənirlər. Bən öylələrinə təsadüf etdim ki, parisli qədər mükəmməl bilir. (Naum əfəndi zəngi vurur, qapıçı gəlir). Nauməfəndi (qapıçıya). Gələ bilərsinizmi? Qapıçı. Buyurunuz, əfəndim (gedir. Qaston de-Mustaz heyrət edər kimi Naum əfəndinin üzünə baxır). Nauməfəndi (Qaston de-Mustaza baxaraq). Axşam yeməyini bir yerdə yeyəlim. Qastonde - Mustaz. Əfəndim, zəhmət edirsiniz... Təbii, müsafirpərvərlik Şərqin ən məqbul adətlərindəndir. Şu adətə hörmətən məmnuniyyətlə yeyərəm. (Naum əfəndi qalxır, ona mütəaqib-qonaqlar da qalxırlar. Birdən Naum masanın qutusunu açaraq). Nauməfəndi (Qaston de-Mustaza). Əfv edərsiniz, məsələnin ən mühümü unudulmuş. (Masadan pul çıxarıb ona verir). Şimdilik ufaq-tüfək məsarif üçün. Qastonde - Mustaz (pulu çibinə qoyaraq). Mersi! Mersi! Pərdə * * * Üçüncü şəkil Qəhvəxana. Yuxarı başda yüksək bir piştaxta arxasında qəhvə sahibi xanım əyləşmişdir. Ağ döşlüklü qarsonlar tez-tez ona yanaşır, marka alırlar və yanındakı sol açıq qapıya girib, oradan müştərilər üçün qəhvə, süd, qruaşan və içkilər çıxarırlar. Divar diblərində yumşaq kanapelər və ortalıqda mərmər masalar və adi sandalyalar qoyulmuşdur. Kanapelərin arasında paltar asqıları var. Masaların üzərində məcmuə, qəzet görünür. Sağ tərəfdə iki saqqallı kişi şətrənc oynayır, sol tərəfdə bir zənci ilə gənc bir qız oturub qəhvə içirlər. Arabir zənci qızı qucaqlayıb öpür və bu hərəkətə kimsə əhəmiyyət verməyir. Bir-iki kokot oturub gənclərlə gözləşirlər. Bağır ilə Ibadulla nərdtaxta oynayırlar. Qabaqlarında boş qəhvə stəkanları var. Hərdən bir oyundan aralanıb danışırlar. Tez-tez qapı açılır, qəhvəxanaya yeni adamlar – kişilər və qadınlar girir-çıxırlar. Kənarda bir qoca oturub yazır. Səs gəldikdə sinirlənərək başını qaldırır, öz-özünə mırıl- danıb təkrar yazıya dalır. İbadulla (Bağıra). Yaxşı, Bakıdan göndərilən bu puldan bizə verməyəcəklər? Bağır. Nə bilim. Ağlım kəsməyir. İbadulla. Niyə? Bağır (bir az sərt). Əşi, necə niyə. Tələbələrə verilir, sən tələbəsən? İbadulla (gülərək). Bəs sən tələbəsən? Mən cəmisi üç il aldım, amma sən indiyə qədər alırsan. Bağır. Mən tələbəyəm. Sən əvvəldən heç bir yerə girmədin. İbadulla. Afərin sənin kimi tələbəyə! İldə bir yerə girib, bir vəsiqə alıb göndərirsən. Heç qurtarmaq da bilməyirsən. Aypara şəklində bulku Bağır. Görərsən, qurtaracağam. İbadulla (gülərək). Sən öl, bic adamsan. İşini düzəldə bilirsən. Hamı ilə də dostsan. Müsavatçılarla görüşürsən, bolşeviklərlə görüşürsən, fransız cəmiyyətlərinə gedib-gəlirsən. Vallah lap zamana adamısan. Bağır. Oynunu oyna, yaşamaq sənin xörəyin deyil. İbadulla. Bax, bu sözünə şərikəm. Adım pis çıxmış, amma bir fağır adamam. Deyir: “Çaqqal var gödən yırtır, qurdun adı bədnam”. Hər üzünü sən vurursan, adın da heç yerdə çəkilməyir. Mən yazığın da adı aferist çıxır. Bağır. Belədir, keyfinə bax... Düz oyna. İbadulla. Bağır, zarafat dursun, mən ölüm mənə də bir az pul al. Bağır. Bir yandan bir vəsiqə tap, onsuz olmaz... Xəndanəfəndi (girir). Bonjur, əfəndilər. Bağır. Bonjur, əfəndim. (Xəndan əfəndi oturur. O saat qarson yanaşır. Xəndan əfəndi qəhvə ismarlayır. Qarson gedib bir az sonra gətirir). İbadulla. Əfəndim, nə var, nə yox?. Xəndanəfəndi. Eyilik, gözəllik... Yahu, qəzetləri oxudunuzmu? Bir kürd kralı çıxmış, Parisə doğru gəlməkdə imiş... Ah, karata ingilis, nələr yapıyor... Bəradər, bu ingilislər heyrət şeydirlər: əsrlərdən bəri dünyanı alt-üst çeviyorlar. Kimsə də bunlara qarşı çıxmayır. İbadulla (oyuna davam edərək). Xəndan əfəndi, yanı bu Kürdüstandan bir şey çıxar? Xəndanəfəndi. Kim bilir, bəradər, Bolqariyadan, Sırpdan, Romaniyadan... çıxmadımı? Həp bizim hesabımıza. Kiçildikcə kiçiliriz... Suriya, Fələstin, Ərəbistan, Iraq. Nələr verdik. İbadulla (gülərək). Zərər yox, əfəndim, Kürdüstanı da verin canınız qurtarsın. Xəndanəfəndi (hiddətlə). Əfv edərsiniz, əfəndim, artıq Kürdüstanı verəməyiz... Yetər! (Yumruğunu havada fırladıb xəşin bir şəkil alır. Hamı gülüşür). İbadulla (gülərək). Xəndan əfəndi, burada yumruq qıcamadan bir şey çıxmaz. Hünərin var, müharibəyə get. Xəndanəfəndi. Əfv edərsən, yalnız onu yapamam. Avropa müharibəsində karata Ənvər paşa bizi cəbhədən-cəbhəyə sürüklədi, türkün anasını ağlatdı. Yetər! Şimdi hərbi zənginlər yapsın da bən baxayım. İbadulla (istehza ilə). Yox, Xəndan əfəndi, mən səni qəhrəman deyə tanırdım, səhv edirmişəm. Vətənin təhlükədə, sən də burada rahat-rahat qəhvə içirsən. Xəndanəfəndi. Əfəndim, bəndəniz vətən üçün çox çalışdı. Faydasını başqaları gördü. Hər kəs məbus oldu, nazir oldu, səfir oldu, biz də vətəni tərk edib qərib olduq. Bənim vətənim yoxdur. İbadulla. Buna baxmayaraq, kürdlərə də istiqlaliyyət vermək istəməyirsən. Xəndanəfəndi. Iştə bu olmaz. Bunlar həp ingilis oyunudur. Suriya, İraq müstəqilmi? Millətlərin müqəddəratı deyə bağırdılar. Bizdən alıb, özlərinə müstəmləkə yapdılar. Kürdüstan da ayrılsa, böylə olacaq. Yox, əfəndim, diplomatların tatlı dilinə aldanmağa vaxtımız yoxdur. Süleyman Salehbəy (içəri girir). Mərhəba, əfəndim. Hamı. Mərhəba! (Salehbəy oturur. Qarson yanaşır. Saleh bəy porto ismarlayır). Süleyman Salehbəy. Əfəndilər, birər porto da sizə versinmi? Bağır (sevinərək). Salehbəy, görünür, pul almışsan. İbadulla. O, Salehbəy! Xəndanəfəndi. Ənfəs! Salehbəy (qarsona). Birər porto. (Qarson gedir, bir az sonra gətirir). Bəradər, pədər bizi xatırlamış, allah ömür versin. (Oyun bitir. Bağır nərdtaxtanı yumub kənara qoyur). Bağır (istehza ilə). Salehbəy, Kürdüstan istiqlaliyyət qazanır. Yəqin sən də mütəsərrifliyə çağırılacaqsan. Bizə də bir katiblik yeri verərsən, zənnindəyəm. Süleyman Salehbəy (istehza ilə). Hay-hay əfəndim. Həpsinizə mövqe hazırdır. İbadulla. Canım, nə hökumət, doğrusu siyasət xoşuma gəlməyir. Asudə gəzirəm, nə məsuliyyətim var, nə qorxum. Ministrlər dallarına baxa-baxa gedirlər. Mən heç yerə baxmayıram, bilirəm ki, kimsəyə lazım deyiləm. Ancaq bir göydən düşmə para olsa, keyfim ulduza hürər. Onda nə hökumət, heç ingilis kralı da mənə çata bilməz. Xəndanəfəndi. Mən də siyasət sevmərəm. Yüksəklər bəni qorxudur. Ən iyisi təncərədə bişirib qapağında yeməkdir. İbadulla. Yaşa, Xəndan əfəndi. Mən də sən deyəni deyirəm: “Azacıq aşım, ağrımaz başım” – vəssalam. Ancaq (yavaş səslə) bir az ara olmalı. Süleyman Salehbəy. Bəradər, siz çocuqsunuz, hələ hökumət tiryəkindən dadmamışsınız. Dadsanız əl çəkməzsiniz. Bən bir qədər mütəsərrif oldum, dadı hələ də damağımdan getməmişdir. İbadulla. Süleyman Salehbəy, düzünü deyin, bir mövqe sahibi olsanız, bizi unutmazsınız ki? Süleyman Salehbəy. Heç unutmam. Bağır. İndi belə deyirsiniz, onda unudarsınız. Süleyman Salehbəy. Namusuma and içirəm... Sizi keyflər içində üzdürərəm... İbadulla. Yaşa, yaşa!.. Mənim borclarımı da verərsənmi? Süleyman Salehbəy. Verərəm. Ibadulla. Yaşa, yaşa! (Xəndana). Ənfəs, əfəndim, ənfəs! Xəndanəfəndi. Ənfəs! Süleyman Salehbəy (düşünərək). Yahu, şaka dursun, bu Paris bursasında hərə bir şey satır... Zatən satılan şey də deyil... hava. Biz neçün satmayalım? İbadulla. Bu bəlli, iş və bacarıq lazımdır. Süleyman Salehbəy. İkisi də bəndə. Istərsinizsə, iş verim. Bağır. Razıyıq. Xəndan əfəndinin fikrini soruşmalı. Xəndanəfəndi. Oyun üçün hazıram. Süleyman Salehbəy. Oyun deyil, ciddi deyirəm. Xəndanəfəndi. Nə isə. Süleyman Salehbəy. Deməli razısınız. Pək iyi. Bağır sən yarın saat 9- dan 12-yə qədər yaşadığın otelin bir otağında könüllü yazırsan. Bağır (gülərək). Şakanı burax. Süleyman Salehbəy. Yahu, ciddi söyləyirəm. Yarın bu məsələ haqqında qəzetələrdə elan nəşr olunacaq. Al bu bin frankı, ilk məsarif üçündür (cibindən pul çıxarıb verir, o da cəld cibində gizləyir). Məsələni bildinmi? Müraciət edənin adını və adresini yazacaqsan... Şərait soruşsa, söylərsən ki, sonra bildiriləcək... Hər halda kəndinə təntənəli bir qəbul odası yaparsan. Bağır. Anladım. Süleyman Salehbəy. Xəndan əfəndi də sənə yardım edər (pul çıxarıb Xəndana verir). Şimdilik şununla iktifa ediniz. Sonra çox verəcəyəm. Xəndanəfəndi. Ənfəs! (pulu gizləyir). Yaşasın kürd, biri ölməsə, biri dirilməz (kənara), avropalılar erməniləri bitirdilər, şimdi də növbə kürdündür. Yıxılana yazıq! Nə isə, bu kiçik millətlərin üsyanından neft qoxusu gəliyor (qoxulayır). Neft qoxusu. İbadulla (Xəndana). Ənfəs, əfəndi, nə mırıldanırsan. Xəndanəfəndi. Əfəndim, para bəndənizi... bayıldıyor, (sandalyada sarsılır, qalxıb, onu tuturlar. Ayılan kimi olur). İbadulla (gülərək). Bizim Azərbaycanda deyərlər: “Ərdəbil pişiyi küftə görməmiş...” Xəndan əfəndi – para! Xəndanəfəndi. Əfəndim, insan... tühaf oluyor. Süleyman Salehbəy. Tühaf olmazsan, alışarsan (ciddi). Oturun! (otururlar). Əfəndilər, Ibadullanın vəzifəsi sonra başlayacaq (cibindən pul çıxarıb İbadullaya verir). Şunu al kəndinə bir otaq kirala. İyi də bir əlbəsə yapdır. İbadulla. Yaşa! (pulu gizləyir). Süleyman Salehbəy. Əfəndilər, vəzifəniz bəlli. Zahirinizə böyük məna verməlisiniz. Ilk müvəffəqiyyətlər zahirdən çox asılıdır. Xəndanəfəndi. (ayağa qalxıb, səhnənin ön tərəfinə yanaşır və üzünü tamaşaçılara çevirərək) – Əfəndilər, vəzifəniz bəlli. Zahirinizə böyük məna verməlisiniz. İlk müvəffəqiyyətlər zahirdən çox asılıdır. (Sükut)... Ənfəs! Pərdə * * * Dördüncü şəkil “Şanz-Elize” otelinin təntənəli salonunun bir guşəsi. Ipək örtülü məblə, xalı döşənmiş, divarlarda güzgü və qiymətli tablolar var. Süleyman Salehbəy yuxarıda və ətrafında Bağır, İbadulla, Xəndan əfəndi, Naum əfəndi və başqa ziyarətçilər oturmuşlar. Hamı vizitkadadır. Arabir qırmızı geyimli, işıldar düyməli qarson gümüş təbsidə vizit kartı gətirir. Naum əfəndi bu kartları bərkdən oxuyub, ziyarətçiləri qarşılayır, Həzrəti-Şəhriyara təqdim etdikdən sonra onlara yer göstərir və özü də oturur. Ziyarətçilərin hamısı vizitka geymişlər. Ziyarətçilərdənbiri. Dəniz Həzrəti-Şəhriyarı rahatsız etmədi ki? Süleyman Salehbəy. Təbii, bir az sarsdı... Lakin zatıma qarşı ibraz olunan hüsn təvəccöh və nəzakət hər şeyi unutdurdu. İkinçiziyarətçi. Marseldə qaldınızmı? Süleyman Salehbəy. “Kürd təali cəmiyyəti”nin israrına rəğmən, məələsəf, qala bilmədim. Bir an əvvəl Parisdə bulunub da iş başlamaq icab ediyordu. Əbdüləzimpaşa. Əzimətinizdən birinci məqsəd nədir? Süleyman Salehbəy. Avropa əfkari-ümumiyyəsini böyük kürd hərəkətilə aşina etmək, bəzi ləvazimatı-hərbiyyə tədariki ilə məşğul olmaq. Əbdüləzimpaşa. Planınız böyük və ciddən şayan-təbrikdir... Əfəndim... bəndəniz qurana olduğum zaman soltan Əbdülhəmidin kürd millətinəcibəsinə qarşı iltifat buyurduqları hüsnü-təvvəccöhün izdiyadına bihəqqin çalışmışdım... Əlan məqsədi-aliləriniz üçün hər bir fəaliyyətdə bulunmağa amadəyəm... Süleyman Salehbəy. Mersi, əfəndim! Hissi-dövlətlərinizdən dolayı məmnun və mütəşəkkürəm (Qarson əlində təbsi içəri girir. Naum əfəndi təbsidəki kartı götürür). Nauməfəndi (kartı oxuyur). Jurnalist və elmi iş namizədi Qaston de- Mustaz. (Qarsona). Buyursunlar. (Qarson çıxır, Naum əfəndi qalxıb ziyarətçinin qarşısına gedir). Qastonde - Mustaz (girir). Bonjur, əfəndim (görüşür). Səyahətinizi qəzetlərdə böyük maraqla təqib etdiyim Həzrəti-Şəhriyar Süleyman xana təqdim olunmaq mənim üçün şərəf və böyük səadətdir. Nauməfəndi. Mersi, mersi. Buyursun. (Uzaqda duraraq Süleyman Salehbəyə baxır). Həzrəti-Şəhriyar, müsaidə buyursanız Fransanın məşhur jurnalisti və elmi iş namizədi müsyö Qaston de-Mustazı zati-nəcabətinizə təqdim edərəm. Süleyman Salehbəy (qürurla, nəzakətlə). Buyursunlar! (Qaston de-Mustaz nəzakətlə yeriyib Süleyman Salehbəyin əlini sıxır). Qastonde - Mustaz. Fransa Şərqdən gələn hər bir böyük simaya qarşı hüsni-qəbul göstərir. Zati-nəcabətinizin də əziməti fransız qəlbində sevinc oyadır. Süleyman Salehbəy. Bən də Fransada, sevimli və müsafirpərvər Fransada bulunduğumdan dolayı iftixar edərəm, əfəndim (Qaston de-Mustaza yep göstərir, oturur). Qastonde - Mustaz. Şərq dostu həsəbilə böyük məqsədiniz yolunda üzərimə düşən vəzifəni ifa etməkdə ayrıca həzz duyacağımı da qeyd etməyi özümə borc bilirəm. Süleyman Salehbəy. Mersi, mersi! Nauməfəndi. Həzrəti-Şəhriyara daşıdığı yüksək məfkurə uğrunda edəcəyiniz yardım insani bir vəzifədir, zənnindəyəm. Süleyman Salehbəy. Mersi, mersi! (Qarson əlində təbsigəlir. Naum əfəndi kartı götürür). Nauməfəndi (kartı oxuyur). “Müsəlman qardaşlığı” cəmiyyətinin sədri, sabiq Əlcəzair istinaf məhkəməsinin fəxri üzvü, əsbəq “Əl mübarək” qəzetəsi müdiri müsyö Diyodone. (Qarsona). Buyursunlar (Qarson gedir. Naum əfəndi müsyö Diyodonenin qarşısına gedir). Diyodone (beli bükük, ağ baş, dolaşıq saqqallı, axsaq bir qoca içəri girir və kəko dil ilə danışır). – Bonjur, qardaş (Naum əfəndi ilə görüşür). Sevgili Islam əhkamı möcəbincə əzimət buyurmuş hökmdar qardaşımı ziyarət etməyi dini bir vəzifə bildim. Nauməfəndi. Xoş gəlmişsiniz (Süleyman Salehbəyə). Həzrəti- Şəhriyar, müsaidə sadir buyurulsa, “Müsəlman qardaşlığı” cəmiyyətinin sədri, sabiq Əlcəzair istinaf məhkəməsinin fəxri üzvü və “Əl mübarək” qəzetinin əsbəq müdiri müsyö Diyodoneni zati-nəçabətlərinə təqdim edərəm. Süleyman Salehbəy (bir az yerindən qalxaraq). Buyursunlar! Məmnuniyyətlə. (Qoca təqdim olunub, göstərilən yerdə oturur). Diyodone (təsbih çıxarıb çevirərək). Qardaş, təşrifinizdən dolayı son dərəcə məmnunam. “Əl məmununə üxüvvət” – deyə buyurulmuş. Sizi görərək köhnə fərəhli xatirələrim çanlanır... (Sükut). Hələ gənc idim. Əlcəzairdə xidmətdə idim. Quranı-Kərimi oxuyub hər yolunu buldum (dəsmalı ilə gözlərini silir)... Xristianlığı atıb islamiyyət qəbul etdim... O zaman sünnət məsələsi məni çox qorxudurdu. Dedim qanım zəhərlənər... Arvad da deyirdi: “A kişi, birdən pis kəsərlər, ziyanlıq olar”... Sonra Həzrəti-Məhəmmədin din yolundakı fədakarlıqlarını xatırlayıb, mən da sünnəti fəda etdim...(Gülümsünür). Şimdi də durur. Yazı masasının üzərində mıxdan asmışam. (dəsmalı ilə gözlərini silir)... Evə qonaq gəldikdə arvad fəxr ilə göstərər... Süleyman Salehbəy (Diyodoneyə). Cəmiyyətinizin başlıca məqsədi nədir? Diyodone. İbadət, ibadət. Müsəlman qardaşlarımızın Avropa mədəniyyətinə alışıb, pozulmaması... Bilirsiniz, şimdi əxlaq get-gedə sarsılır. Bolşevik ruhu aləmə yayılır. Sədaqət və itaət qalmayır. Hər yerdə üsyan və tüğyan. Camaatı din və hökumətə qarşı sadiq saxlamaq başlıca məqsədlərimizdəndir. Xəndanəfəndi. Ənfəs! (peşiman olaraq ağzını əlilə tutur). İbadulla (yavaşca Xəndana). Adam oğlusan. Ənfəsi qoy dursun, gör kişi nə buyurur. Süleyman Salehbəy (Diyodoneyə). Ciddən müqəddəs bir vəzifə görürsünüz (Qarson təbsidə kart gətirir. Naum əfəndi alır). Nauməfəndi (kartı oxuyur). Hindi-Çin vali-müstəşari-əsbəq katibi, Madaqaskar zabitəsi sabiq katibi, Tunis valisi müşaviri-sabiqi, “Şərq dostları” cəmiyyətinin fəxri üzvü müsyö Dreyyer. (Qarsona). Buyursunlar. (Qalxıb qarşısına çıxır, qarson gedir). Dreyyer (uzunboy, uzun, ağ bığlı, üzü qırışıq və başı daz qoca girir). Boyunbağına çalçarpaz bir qızıl sancaq sancmışdır. (Burnunu tez-tez çəkir). Bonjur! Nauməfəndi (onu qarşılayıb görüşür). Xoş gəlmişsiniz. Buyurun! Dreyyer (burnunu tez-tez çəkərək). Neçə gündən bəri adını qəzetlərdə oxuduğum Həzrəti-Şəhriyarı, cəmiyyətimizin proqramı mucəbi olaraq, ziyarət etməni şərq dostu həsəbilə özümə şərəfli bir vəzifə bildim. Nauməfəndi. Mersi. Xoş gəlmişsiniz. (Süleyman Salehbəyə). Xan həzrətləri müsaidə buyursa, Hind-Çin vali-müstəşari-əsbəq katibi, Madaqaskar zabitəsi katibi, Tunis valisi müşaviri-sabiqi, “Şərq dostları” cəmiyyətinin fəxri üzvü müsyö Dreyyeri təqdim edərəm. Süleyman Salehbəy (bir az yerindən qalxaraq). Buyursunlar! (Dreyyer yeriyib görüşür. Göstərilən yerdə oturur. Naum əfəndi də oturur). Dreyyer (burnunu çəkərək). Kürd milləti nəcibəsinin əlində silah istiqlal qazanması cəmiyyətimiz üzvlərini olduqca sevindirir. Süleym an Salehbəy. Mersi! Mersi! Dreyyer (burnunu çəkərək). Himayəmizdə bulunan Suriya ilə qonşuluqda bizə dost, bizimlə sıxı əlaqədə bulunan bir yeni dövlətin olması, zənnimcə, mətlub olunan arzularımızdandır. Süleyman Salehbəy. Şərq dostu Fransa ilə sıxı və dost bir əlaqədə olacağımıza əmin ola bilərsiniz. Əsnayi-səyahətimdə Parisi başqa payitəxtlərə tərcih etməm buna dəlil olmazmı? Dreyyer (burnunu çəkərək). Məmləkətinizin həqiqi mənafeyini duyduğunuzdan dolayı məmnunam (Qarson təsbidə kart gətirir. Naum əfəndi alır). Nauməfəndi (kartı oxuyur). Bursa dəllalı və “Finansiyer” məcmuəsi müxbiri müsyö Molle de-Valay. (Qarsona) Buyursun! (Qarson gedir, Naum əfəndi qarşıya çıxır, gənc, şıq geyinmiş, diribaş, bığ və saqqalı qırxılmış Valay girir). Mollede - Valay. Bonjur! Nauməfəndi. Bonjur, əfəndim. Buyurun. Mollede - Valay (Naum əfəndi ilə səmimi görüşərək yavaş səslə). Əfəndim, işlər eyidir. Bursada böyük propaqanda yapmışam. Bəzi bank mühafillərində Beyrut-Diyarbəkir dəmir yol imtiyazı belə mövzi-bəhs olunmadadır. İstiqraz yapacayız, zənnindəyəm. Nauməfəndi. Çox gözəl. Gəl səni Süleyman xana təqdim edəyim, (Süleyman Salehbəyə) müsaidə buyurunuz “Finansiyer” müxbiri müsyö Molle de- Valayı zati-Şəhriyara təqdim edəyim. Süleyman Salehbəy. Hay, hay (gorüşürlər, oturur). Mollede - Valay. Yüksək məqsədinizə xidmət etmək böyük səadətdir. Süleyman Salehbəy. Mersi, daşıdığımız məqsədə qarşı göstərdiyiniz hüsni-rəğbətdən dolayı hökumətin və millətin naminə hamınıza mütəşəkkürəm. Fransa ilə Kürdüstan arasında sıxı dostluq və mütəqabil fayda təmini üçün atdığım hər bir addımın müvəffəqiyyətlə nəticələnəcəyinə əminəm... Hamı (bir yerdə). Əlbəttə! Əlbəttə! İbadulla (Bağıra. Səsi hamının səsinə qarışır). Ədə, Bağır xalaoğlu, deyəsən ovucum geyişir, pul görünür. Süleyman Salehbəy. Bizdə mütəxəssislər az olduğu üçün Fransaya bir çox imtiyazlar vermək icab edəcək, fransız kapitalı geridə qalmış ölkəmizə mədəniyyət saçar, zənnindəyəm. Hamı (bir yerdə). Əlbəttə! Əlbəttə! Xəndanəfəndi (Hamı ilə birlikdə). Əsarət saçar, zənnindəyəm. (Qarson qundaqda yorğana bükülü bir çocuq gətirir. Naum əfəndi qalxıb onu qucaqlayır). Nauməfəndi (qarsona). Bu nədir? (Qarson bir məktub verir. Naum əfəndi oxuyur) “Həzrəti-Şəhriyar, səltənətinizin kiçik vəliəhdini göndərirəm, müsafirlərimizə təqdim ediniz. Bəhicə”. (Məktub Naum əfəndinin əlindən düşür. Əvvəl özünü itirir). Vəliəhdə?.. Vəliəhd!!! Bu nə ədəbsizlik? (Məclisdəkilər susub diqqətlə Naum əfəndiyə baxırlar. Naum əfəndi vəziyyəti duyduqda çocuğu alıb, məclisdəkilərə tərəf dönür). Parisdə yaşayan Kürdüstan tələbələri Həzrəti- Şəhriyara hədiyyə olaraq bir çocuq... Çuxa göndərmişlər. Hamı (bir yerdə). Sağlıqla geysin... Xeyirli olsun!.. İbadulla (hamı ilə bərabər). “Xəlvətdə buğaya gələn aşkarda doğar”. Diyodone (kəkələyərək). Ah, nə gözəl, nə səmimi hədiyyə! (Dəsmalı ilə gözlərini silir). Dreyyer (burnunu çəkərək). Ah, nə səmimiyyət! Süleyman Salehbəy. Yuxarıya, otağıma göndərməli. Nauməfəndi (öz-özünə). Bu qadın dəli olmuş. Gedim onu razı edim, çocuğu aparsın. Yoxsa məsələnin bu vaxtında işlər bərbad olar (Çocuğu qarsona verir, gedirlər). Diyodone (Süleyman Salehbəyə, kəkələyərək). Buradakı kürd kalonisi böyükdürmü? Süleyman Salehbəy. Əfəndim, bir az tələbəmiz var. Bundan sonra milli hökumətimiz Parisə bir çox gənc göndərəcəklər. Baxın, bunlar da (Bağırı, Ibadullanı və Xəndan əfəndini göstərir) kürddürlər. Diyodone (gözlüyünü çıxarıb, əlilə gözlərindən uzaqda tutub tələbələrə maraqla tamaşa edir, kəkələyərək). Ah, çox gözəl. Çox gözəl! Nə ilə məşğuldurlar? Süleyman Salehbəy. Bu, (Bağırı göstərir) ali iqtisad məktəbi qurtarmışdır. Bu, (Ibadullanı göstərir) siyasi məktəb məzunudur, bu da (Xəndanı göstərir) zabitdir. (Xəndan əfəndi özünü düzəldir). Hamısı yanımda xidmətdədir. Diyodone (kəkələyərək). Ah, nə gözəl! (Bağıra, İbadullaya və Xəndana). Cəmiyyətimizə təşrif buyurub, bizi şərəfyab ediniz. Ah, nə gözəl ayinlər yapırıq. Mərakeşdən xoş-sövt bir xətib gətirmişik: xütbəsilə Həzrəti-Məhəmmədin ruhunu şad edir. (Dəsmalını çıxarıb, gözlərini silir). Dreyyer (burnunu çəkərək). Ah, nə gözəl! Qarsonde - Mustaz (Diyodoneyə). Əfəndim, ciddən xidmətiniz böyükdür. Bən müsəlman deyiləm, ancaq istiqlaliyyəti çox sevirəm. İslam Şərqinə sərf etdiyim əməyi bir şərəf ədd edərəm. Süleyman Salehbəy. Mersi, mersi. Şərq də Sizin kimi alicənabların xidmətini unutmaz. Dreyyer (burnunu çəkərək). Əfəndim, bu, Şərq dostlarının müqəddəs vəzifəsidir. Hər bir yeni addımınız bizlərdə fərəh doğurur. (Naum əfəndi girir, siması şəndir). Nauməfəndi (öz-özünə). Bir çox vədlərlə başını əkdim. İşlər hələlik yaxşıdır. (Hamıya eşitdirərək). Əfv ediniz, telefonda ləngidim. Həzrəti-Şəhriyarın gəlməsi bank mühafillərində böyük maraq oyatmışdır. Həp görüşmək istəyirlər. Bilxassə, ingilislər çox maraqlanırlar. Süleyman Salehbəy (Naum əfəndiyə). İş saatları təyin etməliyiz. Diyodone (kəkələyərək). Təbii, əfəndim. Əməli söhbətlər üçün uzun saatlar lazımdır. Dreyyer (burnunu çəkərək). Təbii! Təbii! Qonaqlar. Təbii! Təbii! (Qarson təbsidə vizit-kart gətirir. Naum əfəndi alır). Nauməfəndi (oxuyur). “Əbdülqədim paşa, əsbəq qürənayi – həzrəti-padşah, xəlifeyi-ruyi-zəmin soltan Həmidxan saniyi-cənnətməkan”. (Müsafirlərə). Nüfuzlu adamdır, çoxdan Parisdə yaşayır. Süleyman Salehbəy. Buyursunlar! (Qarson gedir. Naum əfəndi qapıya yanaşıb gözləyir). Əbdulqədimpaşa (ağ seyrək tükləri səliqə ilə yanakı daranmış, sağ gözündə monoql, barmağında iri göy qaşlı üzük var. Girir). Bonjur, əfəndim! Nauməfəndi (yanaşaraq). Bonjur, zati-dövlətləri! (Naum əfəndi ilə görüşür. Naum qoluna girib Süleyman Salehbəyə doğru apardıqda, Əbdüləzim paşa yerindən sıçrayıb Əbdülqədim paşanı qarşılayır. Əbdülqədim paşa əvvəl dostunu tanımayır, sonra tanıyıb onun mətəyini öpmək istəyir. Əbdüləzim paşa qoymayır. O da öpmək istəyir, Əbdülqədim paşa buraxmayır. Bu nəzakəti ifa edərkən səhnəni dolaşırlar və Naum əfəndi bir-iki addımlıq məsafədən onları təqib edir). Əbdulqədimpaşa (əyilib Əbduləzim paşanın ətəyini öpmək istəyərək). Zati-dövlətlərini gördüyüm kaç sənə oldu, ətəyinizi öpmək bəndəniz üçün böyük bir şərəfdir. Əbdüləzimpaşa (öz ətəyini mühafizə edərək, Əbdülqədim paşanın ətəyini öpmək istəyir). Əstəğfürülla, əfəndimiz, zati-dövlətlərinin ətəyini öpmək bəndəniz üçün bir səadətdir. Əbdülqədimpaşa (öz ətəyini mühafizə edərək, Əbdüləzimin ətəyini öpmək istəyir). Əstəğfürülla, əfəndimiz! Zati-dövlətləriniz bəndeyi-xakisarin vəliyyülpeməsi olmuşdur. Ətəyinizi bus etmək bəndəniz üçün ibrazı-hörmət deməkdir. Əbdüləzimpaşa (öz ətəyini mühafizə edərək). Əstəğfürülla, əfəndimiz, ətəyinizi bus etməyi yaşca sizdən küçüyə iltifat buyurunuz? Əbdülqədimpaşa (dik qalxaraq, hiddətlə). Sizmi bəndən küçüksünüz? Buraxınız allah eşqinə! Əbdüləzimpaşa (hiddətlə). Bənmi böyüyəm! Buraxınız, allah eşqinə! Əbdülqədimpaşa (hiddətlə). Siz sarayda paşa olanda bən Babi – alidə qələm katibi idim... Buraxın allah eşqinə (üzünü ondan çevirdikdə, Naum əfəndini görür). Ah, əfəndim (gülümsünərək). Əfv buyurulsun. Bəndənizi Həzrəti-Şəhriyara təqdim etmək iltifatında bulunmazsınız? Nauməfəndi. Məmnuniyyətlə! (Süleyman Salehbəyə). Əbdülqədim paşa, əsbət qürənayi – Həzrəti-Şəhriyar soltan-il bərrin və bəhrin əfzayi-təxti-osmani soltan il qazi, xəlifeyi-ruyi-zəmin Əbdül Həmid saniyi-cənnətməkan... Suleyman Salehbəy. Təşərrüf ediyoruz. Pərdə * * * Beşinci şəkil “Sarayi-Fatma” adlı ümumxananın salonu. Gözəl yumşaq meblelər qoyulmuş, xalılar döşənmiş: pəncərələrdə qiymətli vazlar görünur. Divarlar güzgülərlə bəzənmiş. Hər yerdə qırmızı ay-yıldız nəsb olunmuş, ön divarda ərəb hərflərilə “Sarayi-Fatma” yazılmışdır. Sağ tərəfdə piano qoyulmuşdur. 3-5 əlvan paltarda qadın ağparikli tarixi libaslarla bərabər, müasir modalar da gözə çarpır. Qadınların hərəsi bir pozadadır: kimi kanapelərdə uzanmış, kimi qoltuğa (kreslo) yerləşmiş, kimi də güzgülərin önündə tualetlərini düzəldirlər. Qonaqlar smoqinqdədirlər. Səhnənin ön tərəfində Bağır, İbadulla və Xəndan əfəndi durmuşlar. Xəndan əfəndi salonun zinətinə və qadınların gözəlliyinə heyran qalaraq danışır, danışdıqca da ətrafı yabançıcasına süzür. Bağır. Bizə deyirlər niyə məktəbi qurtarıb, Azərbaycana dönməyirsiniz. Məqsəd yaşamaq deyilmi – mən onsuz da yaşayıram. Bu gün bir kürd xanı meydana çıxıb, o biri gün Azərbaycan heyəti neft yeri satır, bir də görürsən bir arnaüt rəcalı gəldi... Biz də bunların sayəsində yaşarıq... Allah yetirir.. İbadulla. Bəzən də allahın yadından çıxırıq – otelçi bizi otelə buraxmayır, qəhvəçi qəhvə verməyir... it kökündə kəlləpəz. Bağır. Elə o da bir keyfdir. Mən ayda bir gecə (salonu göstərir) belə yerdə keçirdikdən sonra on gün aç qalmağa razıyam. Dünya beş gündür, onu xoş keçir, sonra çəpər altında gəbər... (Xəndan əfəndini qucaqlayır). Sən nasıl düşunürsən, Xəndan əfəndi? Xəndanəfəndi. Yahu, heyrət (salonu və qadınları süzür)! Xərabə Türkiyədə batıb, qalmışız, dünyadan xəbərimiz yoxdur. Böyük məcmuələrdə bir şerimiz nəşr olduqda dünyayı bizim zənn edirik (sükut). Halbuki (salonu və qadınları süzür) aləmlər varmış!.. İbadulla. Xəndan əfəndi, hələ nələr görmüşsən... Bu adi bir ümumxanadır... Xəndanəfəndi. Bəradər, bu da yetər... Mütəbaqisini (barmağını alnına qoyur) xəyalım tamamlar. Böyük bir faciənamə yazmalı... Bağır. (darğın). Faciə nədir? Xəndan əfəndi? Görürəm, sən yenə ayılmamışsan. (Ciddi). Əfəndim, dünya bir lotu bazarıdır. Bacaranlar yaşayacaq, bacarmayanlar da sənin kibi başını şeir ilə tovlayacaq, vəssalam. (Çəkilib qadınlara doğru gedir; birini qucaqlayıb yanında oturur). İbadulla. Gəlmədilər. (Xəndan əfəndiyə). Gəl əylənəlim, əziz dəqiqələri boş keçirməyəlim. (Xəndanın qoluna girib qadınlara doğru aparmaq istəyir, Xəndan əfəndi getmək istəmir, ürkür, çəkinir, nəhayət, çəkilib ayrı oturur. İbadulla bir dəstə qadının ortasında yerləşir. Bunlardan birisinin qulağına pıçıldayır, qadın gedib Xəndan əfəndinin qucağında oturmaq istəyir. Xəndan əfəndi ürküb çəkinir, gülüşürlər). İbadulla (Xəndan əfəndiyə). Bəs deyirsən ənfəs, (qadını göstərir) bu da ənfəs: öz ayağilə gəlib, qucağında oturmaq istəyir, buraxmayırsan. Dodaqların var öpməyirsən, qəlbin var sevməyirsən... O şair adı sənə haram olsun. (Qadın israrında davam edir, Xəndan əfəndi buraxmayır. Nəhayət, qadın onun üzündən öpüb qaçır). Xəndanəfəndi (pərt bir halda). Yahu, nə cəsarət (gülüşürlər). Bağır. Xəndan əfəndi, bütün dünya gecə-gündüz çalışıb, bir aylığa da olsa, Parisə qaçmaq üçün pul hazırlayır. Xan rəiyyəti, fabricant işçini, hökümdar ölkəni... döyəşləyib bura üçün tədarük görürlər... Sən də yuxulayırsan... (Xəndan əfəndi küsmüş bir halda susub qalır. Süleyman Salehbəy, Naum əfəndi, Qaston de– Mustaz və müdirə gəlirlər). Müdirə (Naum əfəndiyə). Başqa gələniniz olmayacaq ki? Nauməfəndi (oynaq bir halda). Xeyr. Müdirə. Nə əmriniz var? Nauməfəndi. Bu gecə sabaha qədər buranın (salonu göstərir) və oranın (qadınları göstərir) sahibi mütləq bizik, kimsə buraxılmayacaq. Müdirə. Təbii, əfəndim. Nauməfəndi. Sonra... (durub birdən xanımın çənəsini əlləyir, xanım diksinir)... Sonra biz şərqliyik; hamımız yerdə oturacayız. (Süleyman Salehbəyi göstərir). Həzrəti-Şəhriyar təxtə əyləşəcək. Hərəm qadınları da ətrafını saracaq. Hələlik bu qədər. Əmr ediniz təxt qursunlar. Müdirə. Çox gözəl! Nauməfəndi. Bildinizmi? Müdirə. Təbii, əfəndim, ilk dəfə deyil ki, Əhməd şaha da qurmuşduq, rəhmətlik babası Müzəffər şaha da qurmuşduq. Nauməfəndi. Tez! (Qadın gedir. Hərə bir qadına yanaşır. Bir dəqiqə sonra müdirə dönür, mavi geyimli işçilər taxt gətirib yuxarı başdan qururlar. Ətrafına yerdən xalı salınır, üzərinə ipək yasdıqlar qoyulub, qadınları cürbəcür pozalarda oturdurlar. İşçilər gedirlər). Nauməfəndi (Suleyman Salehbəyə təzim edərək). HəzrətiŞəhriyar vəl bərqi – vəl bəhr Bəndəgahi-Humayun cülusinizə müntəzirdir. Süleyman Salehbəy. Təşəkkür edirəm (təxtdə əyləşir). Nauməfəndi (Ibadullaya). Xariciyyə naziri həzrətləri, hərəm dairəsinə buyurun. İbadulla. Mersi! (Keçib yerdə qadınların arasında yerləşir). Nauməfəndi (Bağıra). Maliyyə naziri həzrətləri buyursun. Bağır. Mersi! (qadınların arasında oturur). Nauməfəndi (Xəndan əfəndini arayaraq). Hərbiyyə naziri əfəndimiz (dönüb Xəndanı küskün görür) yahu, bu ki, elani-hərb etmiş (ona yanaşıb qoluna girir). Nə olmuş?.. Bildim... (sükut); şair həssas olur: bu eşqilər (qadınları göstərir) qəlbinizə toxunmuş... Zərər yoxdur. Şərqdən Parisə ilk dəfə gələndə eylə olur... alışarsınız. (Onu qaldırıb aparır, qadınların arasında yerləşdirmək istəyir, ürküb kənara oturur). Nauməfəndi (Qaston de-Mustaza). Mətbuat dövləti-müəzzəməsinin səfirikəbiri buyursun. Qastonde - Mustaz. Mersi! (Yerləşir). Müdirə. Daha nə əmriniz var? Nauməfəndi. Şapram şərabı. Nauməfəndi. Çox gözəl (gedir). Nauməfəndi (bir kənarda duraraq). Əfəndilər məndən razısınızmı? Hamı. Razıyıq! Nauməfəndi. Məqsədimizə çatdıq. Əldə para var, bu gecə doyunca keyf edəriz... Sonra da allah kərimdir (qadınların arasında oturur. Qırmızı paltarlı, işıldar düyməli, qızıl qalpaq çocuqlar təbsidə şərab, qədəhlər və məzə gətirirlər. Müdirə də arxadan gəlir. Süfrə salınır. Şərablar düzülür, qədəhlər paylanır). Müdirə. Şimdilik kifayətdirmi? Nauməfəndi. Hələ ki bəsdir. Lazım olsa deyərəm. Müdirə. Arabir gələrəm. (çocuqlarla gedir. Bir çocuq taxtın yanında qalır). İbadulla (qədəhi doldurub qaldırır). Xəndan əfəndi, sənin sağlığına! Nauməfəndi (Ibadullaya). Zati-dövlətləri, kərəm buyurun. (İbadulla qulaq asır). Əvvəla, qədəhləri doldurun. (Doldururlar. Salehbəyinkini çocuq doldurur). Allahdan sonra bu nemətləri bizə inayət buyuran bir zati-əqdəs var. Içəlim Həzrəti- Şəhriyarın şərəfinə (Salehbəyə). Padşahım, bin yaşa! Hamı. Bin yaşa! Süleyman Salehbəy. Səbr edin! (Hər kəs susur). Həriflər, özünüz qadın içində üzürsünüz, bəs bən burda ölüm? Hamı. Həzrəti-Şəhriyar haqlıdır. Nauməfəndi. Əmriniz? Suleyman Salehbəy (bir qızı göstərir). Bax o boynu incili qız yanıma gəlsin. (Qız qalxıb taxtda Süleyman Salehbəylə yan-yana əyləşir)... Şimdi içəlim. Hamı. Padşahım, bin yaşa! (içirlər). Süleyman Salehbəy (yanındakı qıza). Gözəlim, adın nədir? Qız. Janet. Süleyman Salehbəy (onu qucur). Janet deyilsən, cansan. Janet. Əhməd şah buraya tez-tez gələr, o da məni “can” deyə çağırar. Süleyman Salehbəy. Sizi çoxmu sevər? Janet. Çox sevər, boynumdakı bu incini də o bağışlamışdır. Ibadulla (Bağıra). Bağır, necəsən? Bağır. Dəm alıram. İbadulla. Qədəhləri doldurun (doldururlar). Əfəndilər, Naum əfəndi ciddən böyük adamdır... Daha doğrusu... Bağır. Da, “daha doğrusu” yoxdur ki, kişi böyük adamdır. İbadulla. Bir qipnotizerdir (sükut). Hansı ki, başqaları... heç bir şey bacarmadığı yerdə... daha doğrusu... Mən fikrimi deyə bilməyirəm, xülasə, çox yaxşı və qəribə adamdır... Daha doğrusu... Bağır. Daha doğrusu yoxdur; onun sağlığına içək. İbadulla. Səmimiyyətlə içirəm. Naum əfəndi, sağ olun. Hamı. Naum əfəndi, sağ ol! Sağ olsun Naum əfəndi! Nauməfəndi. Sağ olunuz. Qastonde - Mustaz. Bağışlayın, əfəndilər, bir əlavə edəcəyəm... (hamı qulaq asır). Mən Naum əfəndi ilə daha yaxından tanış və səmimi dostam. Naum əfəndi cazibəli bir sehrkar, həyatı və insanları bilən bir iş adamıdır. Biz Naum əfəndi ilə bir neçə əməliyyat yapdıq. Heç ummadığım yerdən müvəffəqiyyət əldə etdim. Siz son əməliyyatın şahidi oldunuz – siyasi bir hadisəni yoğurub, pula çevirdi.. Ağıl irməz bir adamdır. Yaşasın! Hamı. Yaşasın! Yaşasın! (Qədəhləri bir-birinə vurub içirlər). Bağır (öz-özünə qədəhi qaldırır). Bağır da yaxşı oğlandır. Atası qumar məclislərinin yaraşığı, özü də beynəlmiləl nəxünəkçi. Xalq qaz vurur, qazan doldurur, Bağıra da qazın bir lələyi qismət olur. Atam yazır ki, məktəbi nə vaxt qurtarırsan? Halbuki, “Sarayi-Fatmanın” kurslarına yavaş-yavaş bələd olmağa başlayıram. (Bərkdən). Əfəndilər, maliyyə naziri Bağırbəyin şərəfinə! Hamı. Yaşasın! Xəndanəfəndi. Şair də içir. Ibadulla. Yaşasın şair! Xəndan əfəndi, deyəsən, dirçəlirsən. Xəndanəfəndi. Yavaş-yavaş. Süleyman Salehbəy. Yahu, musiqi, dans. Hamı. Doğrudur. Padşahım, bin yaşa! (Naum əfəndi işarə edir, bir qadın piano çalır, qızlar rəqsə başlayırlar. Rəqs zamanı Naum əfəndi ilə Qaston de- Mustaz qalxıb Süleyman Salehbəyin yanında ayaq üstə dururlar. Xəndan əfəndi sol tərəfə, Bağır ilə İbadulla sağ tərəfə çəkilirlər. Ümumi rəqs bitdikdən sonra, pərakəndə rəqslər olur). Süleyman Salehbəy (sözlərin əvvəlini söyləmiş kimi Qaston de- Mustaza). Fikrin nədir? Qastonde - Mustaz. Zənnimcə, üsyanın yatırılmasını təkzib edən məqalələr və teleqramlar nəşr etməli. Məsələ birdən yatsa, ikinci əməliyyatı yapamayız. Nauməfəndi. Əfəndim, üsyanın yalnız bir dəfə səsi gəlsin, mabədini Paris mühafillərində faydası olan adamlar özləri düzəldər. Belə hadisələr bəzi deputatlar, maliyyə və hökumət adamlarına bir bəhanədir. Təbii, mətbuatdakı gurultunun davamına çalışmalıyız. İbadulla (Bağıra). Balam, pul alırlar, bəs bizə niyə bir az verməyirlər? Bağır (İbadullaya). Daha nə verəcəklər, biz ya səhnədəki bir statist-rolumuz nədir ki, muzdu nə ola? İbadulla. Bu məni açmadı. Bağır. Bir ay təminsən, sonra da yeni bir macəra. İbadulla (istehza ilə). Bir illik də paltarımız. Bağır. Bəs az işdir. İbadulla. Onda bir az da keyf eləyim, gözümün qurdu ölsün. (Bir qadının belini qucub rəqs edir). Süleyman Salehbəy (Naum əfəndi və Qaston de-Mustaza). Hər halda şimdi qafalar doludur. Yarın buyurun, ətraflı qonuşalım. Nauməfəndi (bir qadına yanaşıb rəqs edərək). Hay-hay-hay (zümzümə ilə). “Yarın buyurun qonuşalım, yarın buyurun qonuşalım”. (Süleyman Salehbəy və Qaston de-Mustaz rəqsə girir). Suleyman Salehbəy. Yahu, Bağırbəy! Xəndan əfəndi! (Bağır rəqsə girişir, Xəndan əfəndi bir az da kənara çəkilib cibindən dəftərini və karandaşını çıxarır və karandaşının ucunu tez-tez ağzında isladıb dəftəri gah divara, gah dizi üstə qoyub şeir yazır). Xəndanəfəndi (qadınlara baxaraq). Sürünüz dağlara düşsün, seyrigülüstan etsin (sükut). Sürünüz dağlara düşsün, seyri-gülüstan etsin... (Gəzinir, bəzən rəqs edənlərə dolaşır)... Sürünüz dağlara düşsün, seyri-gülüstan etsin İbadulla (rəqs edərək zümzümə ilə). Xəndanım təndirə düşsün, başdan ayağa bişsin... əti lum-lum şişsin. (Xəndan əfəndi aldırmayaraq dolaşır, sonra bir şey çıxmadığını duyaraq, süfrənin yanında oturub, yenidən içməyə başlayır. Bir az sonra rəqs bitir, hər kəs rəqs etdiyi qadını qucağına alıb süfrəyə qədər götürür. Süleyman Salehbəy və Janet taxta çıxırlar. Hamı oturur. Müdirə gəlib baxır, gedir. Qarsonlar təkrar şərab gətirirlər). Nauməfəndi (Xəndan əfəndiyə). Həzrəti-şair, yazdığınızı dinləmək istəriz. Qadınlar. Rica ediriz. Xəndanəfəndi. Burada yaza bilməyirəm. Şeir tənhalıq istər. Süleyman Salehbəy (Xəndan əfəndiyə). Xəndan əfəndi, bu Janeti mədh et! (Janetə). Janet, bu böyük sima da sənə qurbandır. Janet. Qurban olunca, bir brilyant hədiyyə gətirsin. İbadulla (gülərək). Yox, Xəndan əfəndi ona yoxdur. Janet. O necə hərbiyyə naziridir ki, bir hədiyyə də verə bilməyir. İbadulla. Onun əsgərləri deyil, misraları müharibə edir. (Gülüşürlər). Süleyman Salehbəy. Əfəndilər, qədəhləri doldurun (doldururlar). Əfəndilər, bizim əylənməmizin başlıca səbəbi müsyö Qaston de-Mustazdır. Müsyö Qaston qayət nəzakətli, incə, eyni zamanda da mətbuat aləmində çox nüfuzlu bir adamdır. Müsyö Qaston Şərqi çox sevər, onun yolunda heç bir şey əsirgəməz. Onun şərəfinə içəlim (içir). Hamı. Yaşasın! (İçirlər). İbadulla. Dinə gəlsin! (İçir). Xəndanəfəndi (qalxıb dizi üstə oturur). “İşgəncə, həp mənəvi işgəncə... Bu büllur qədəhlərdə parlayan nəşə ilahəsi şərab deyil, qan, məsum xalqın qanıdır... Bu şən görünən süslü dilbərlər məzarlardan baş qaldırmış qanlı kəfənli meyitlərdir. Bunlar: “Satqın şeyxlər bizi ingilis kapitalına qurban verdilər” – deyə hıçqırıyorlar... Orda qan tökülüyor, burada o qandan altun sikkələr donuyor... İştə Avropa vədlərinəinanan küçük xalqların müqəddəratı! Atəş, qan, göz yaşları. Burası bir cəhənnəm!.. Getməliyəm! (qalxır, getmək istəyir). Hamı. Xəndan əfəndi! Xəndan əfəndi! İbadulla. Tez kefləndi. Bağır. Kefli də olmasa, bir az gicdir. Nauməfəndi. Həzrət, kərəm buyur. (Onu tutur. Xəndan əfəndi dartınır). Xəndanəfəndi. Buraxın, cəhənnəm carçıları! Pərdə * * * Altıncı şəkil Lüqsemburq bağı. Xiyabanın bir tərəfində geniş çəmən görünür. Ətrafı ağac və çiçəkliklə əhatə olunmuşdur. Ağaclar arasında heykəllər düzülmüş. Xiyabanın iki tərəfinə iskəmiyələr qoyulmuşdur. Mürəbbiyələr arabacıqda çocuqlar gəzdirirlər. Cürbəcür kişi və qadınlar gəlib keçir. Bəhicə bir iskəmiyə üzərində oturub qarşıdakı mənzərəni tabloya köçürür. Sabah günəşi ağacların altına sarı ləkələr səpmişdir. İbadulla (gülümsəyərək yaxınlaşır. Bəhicə ayaq səsini eşidirsə də, əhəmiyyət verməyir). Bonjur, Bəhicə xanım (şlyapasını çıxarır və əl verməyə cəsarət etməyərək, ayaq üstə qalır). Bəhicə (onun üzünə dik baxıb, işinə davam edir). Bonjur! İbadulla (süni maraqla tabloya baxır). Aman, nə gözəl yapırsınız. Ciddən gözəl (gah tabloya, gah mənzərəyə tamaşa edərək). O heykəl büsbütün canlıdır (sükut)... Bağışlayın, Bəhicə xanım, bu tablonu sonra nə edəcəksiniz? Bəhicə (soyuq). Nasıl nə edəcəyəm – evdə qalacaq. İbadulla (son dərəcə nəzakətlə). Sizdən bir ricam var. (Bəhicə onu süzür). Lütfən, bu tablo bitdikdən sonra bunu mənə... yadigar olaraq verin... Bəhicə (heyrətlə). Nə münasibətlə? İbadulla (bir az özünü itirərək). Əfv ediniz, bəlkə, fikrimi deyə bilmədim, çünki osmanlıca eyi bilməyirəm... Sizə çox hörmətim var... Bir xatıra olaraq... Bəhicə. Çox tühaf (çalışır)! İbadulla. Bu qədər sərt davranmağınızı bilsəydim...Hər kəsə qarşı göstərdiyim nəzakətdən dolayı, daimə hörmətlə qarşılandım... İndi bir türk qızından belə cavabı... Əfv edərsiniz, bəni təhqir etdiniz. Bəhicə (heyrətlə). Təhqir nə üçün edəcəyəm? Bir gənc ilə rəsmi tanışlıq belə olmadan, qız ona hədiyyə verə bilərmi (çalışır)? İbadulla. Bir-birimizi iyi tanıyırıq, zənnindəyəm. Bəhicə. Bir-birimizə bir dəfə təsadüf etdik, aralıqda bir laf belə olmadı. İbadulla. Nə olar, ikimiz də türk deyilikmi? Bəhicə. Çox da türküz, türk çox, həpsinə də qarşı eyni müamilədə bulunamam ki. İbadulla. Əfv edərsiniz açıq danışalım: tutalım bir gənc sizi sevir, gecələr uyumayır, ağlamaqdan sönüb gedir... Gündə neçə dəfə atelyenizin qarşısından keçib sizi görməyə can atır... Belə səmimi bir gəncə qarşı sərt rəftar etməyə haqlısınızmı? Bəhicə (rəngi qaçmış bir halda). O gəncin bir çocuq anasına qarşı belə fikirlər bəsləməyə haqqı varmı? İbadulla. Çocuğun nə eybi. Sevən hər şeyi qəbul edər. (Sükut. Bəhicənin həyəcanından çalışa bilmədiyi duyulur. Birdən qolundakı saatına baxır, palitranı barmağından çıxarır, tablonu molbertdən götürüb qutuya qoyur, şeyləri toplayıb qalxır). Bəhicə. Allaha ismarladım, işim var (gedir). İbadulla (arxasınca baxaraq). Ədə, bu nə yaman qız imiş. (İskəmiyədə oturub və cibindən qəzetə çıxarıb, oxumağa başlayır). Süleyman Salehbəy (yanaşaraq). Mərhəba, əfəndim. İbadulla (sıçrayaraq, qəzeti qatlayır). Mərhəba. Pa, Süleyman Salehbəy. Buyurun, oturun (yan-yana otururlar). Bəhicəni gördünüzmü? İndi burada idi. Süleyman Salehbəy (heyrətlə). Buralarda nə yapıyordu? İbadulla. Rəsmlə məşğul idi. Yanaşdım, nə qədər danışdırdım, hər kələyə əl atdım – bir şey çıxmadı. Qalxıb getdi. Qəribədir ki, gedərkən bir dəfə də olsa, üzümə baxmadı. Süleyman Salehbəy (gülərək). Elə kafirdir... Sənə demədimmi... Bən onu iyi bilirəm; qəti sözündən dönməz... Bəladır, bəradər, bəla! İbadulla (heyrətlə). Vallah, belə bir qıza ilk dəfə rast gəlirəm... Heyrət! (sükut). Süleyman Salehbəy. Qəzetdə nə var? Baxamadım. İbadulla (gülərək). Həzrəti-Şəhriyarın təəbələrini darmadağın edirlər. Süleyman Salehbəy (düşünərək). Təbii, üsyan müvəffəqiyyətlə yatırıldıqdan sonra, əhaliyi rahat buraxmazlar ki.. (Sükut). Karata kamalçılar eylə bir sürətlə hərəkət etdilər ki, şeyxlər qaçıb dağılmağa da fürsət bulamadılar. Bu qışda, qar basmış yollarda nasıl yapdılar... İ nsan şaşırır. İbadulla. Canım, bir ovuc başıpozuq xalq müntəzəm dövlət ordusuna qarşı durmayacaqdı ki. Bu da bir ingilis oyunu idi. Mosul neftinin xatirəsi üçün türkləri bir az sıxışdırıb güzəştə məcbur etmək lazım idi... Tacir pul qazanacaq, kürd də lotu xərci oldu... (Sükut). Süleyman Salehbəy (acı düşuncələrlə). Əfəndim, bu ingilislər nə karata millətdir. Bütün dünyanı bir-birilə vuruşdurub özü kənarda işini görür. İbadulla. Kələkbazdır. Köpək uşağı çox kələkbazdır. Dünya xam, onlar usta. Hamını eşşək qayırıb minirlər. Süleyman Salehbəy (gülərək). Bax, bizim Xəndan əfəndi şairimiz də gəlir. İbadulla. Özü də dalğındır: görünür şeir düşünür. Səsini çıxarma, görək bizi görəcəkmi? (Xəndan əfəndi onları görməyərək keçir). Süleyman Salehbəy. Ya şair! Xəndanəfəndi (səksənərək). Ənfəs! Ənfəs! Mərhəba, əfəndim! İbadulla və SüleymanSalehbəy (bir yerdə). Mərhəba! Xəndanəfəndi (yandan Süleyman Salehbəyə baxaraq). Baxsana, bu iskəmləyə sənə daha da yaxışır. İbadulla. Xəndan əfəndidə deyəsən söz var. Süleyman Salehbəy (istehza ilə). Xəndan əfəndi daima sözlüdür. O bir müəmmadır. Şair deyilmi? Xəndanəfəndi (ima ilə). Naum əfəndi nərədədir? Ibadulla. Kürdlər qiyam etdi, ingilislər qazandı, biz də qiyam etdik, Naum əfəndi qazandı. Xəndanəfəndi. Bizimki qiyam deyil idi, dəccalın xürucu kimi bir şey idi... Ah, beş pərdəlik bir komediya yazmalı. İbadulla. Xəndan əfəndi, sənin “Sarayi – Fatma”dakı halını da orada qeyd etməyi unutma. Xəndanəfəndi (pərt). Nə hal? Süleyman Salehbəy (gülərək). Sərxoş olaraq, sərsəmləmişdin. Xəndanəfəndi. Nə sərsəmləmə? Siz rəqsə başlayanda bən uyumuşdum. Evə necə gətirildiyimdən xəbərim olmamış. İbadulla. Meyitini aparmaq üçün filan qədər də avtomobilə para verildi...Yox şair, içə bilməyirsən (Bağır gəlir). Bağır (şən bir halda). Mərhəba! Hamı. O...o, mərhəba! İbadulla. Balam, evdə də tapılmayırsan...Öz aramızda, dünən gecə də evdə yatmamışsan. Bağır (gülümsəyərək). Iş var... sonra deyərəm. Xəndanəfəndi. Yahu, para, para çıxan işdirmi? Süleyman Salehbəy (gülərək). Şair, deyəsən, alışırsan. İbadulla. Təbii deyilmi, aclıq adama bin oyun öyrədir. Xəndanəfəndi. Bağır, əfəndi, ciddən nə işdir? Bağır. Evlənirəm. Yüz min dollar cehizi var. İbadulla (heyrətlə). Əşi, nə deyirsən! Süleyman Salehbəy (heyrətlə). Aman, əfəndim! Xəndanəfəndi. Ənfəs!.. “Sarayi- Fatma”ya gedyorsunuzmu? İbadulla. Yox, artıq “Sarayi-Fatma” evində olacaq. Süleyman Salehbəy. Deməli, paraları mövqeyinə təslim veririz. Bağır. Təbii, ancaq sizin yardımınız lazımdır. Süleyman Salehbəy (tələsik). Nə kimi? (Hamı diqqətlə dinləyir). Bağır. Bu qız amerikalı bir zənginin qızıdır... (Gülərək). Yanı qız deyirəm, bəlkə də, qız deyil: anam yerdə bir şeydir... (Hamı gülüşür). İbadulla. Nə eyb edər, parası olsun. Avropada qadının altmış yaşı da olsa, madam ki, rəsmən ərə getməmişdir, adı madmazeldir. Bağır. Onun bir yoldaşı da var. O da zənginlərdəndir. İbadulla (istehza ilə). O da, yəqin, qırx yaşardır. Bağır. Bu qızların sərvətləri var, ad axtarırlar. Bir prinsə ərə gedib, prinses olmaq istəyirlər. Amerikada böylə adət olduğunu bilirsiniz. Süleyman Salehbəy (sevinclə). Bəlli, səni prins yapmalıyız... Bəlli, sən bu gündən etibarən prins Bağırsan. İbadulla (Xəndan əfəndiyə). Bu da saray şairi xacə Xəndan Ərdəbili. Bağır (ciddi). Zarafatı buraxın... Qız şərqliləri sevərmiş. “Şərq dostları cəmiyyəti”ndə Bəhicə ilə tanış olub, ona bir sıra tablo ismarlamışdır. Bu günlər Bəhicənin atelyesinə gələcək. Biz də hazır olub oraya getməliyiz... İbadulla. Süleyman Salehbəy oraya gedə bilməz ki... Mənim də bir o qədər yolum yoxdur (sükut). Bağır (Süleyman Salehbəyə mənidar baxışla). Süleyman Salehbəy istəsə hər şey olar. Süleyman Salehbəy. Nasıl istəsəm? Bu olur işmi?.. Ortalıqda çocuq məsələsi var, Yaxamı güc-bəla qurtarmışam. Bağır (gülümsünərək). Istəsən olar. Yəni müvəqqəti də olsa, çocuq mənimdir deyəməzsənmi? Bu Kürdüstan taxtından daha qolay, daha faydalıdır. Xəndanəfəndi (Süleyman Salehbəyə). Ah, Salehciyim, o “Sarayi-Fatma” üçün insan hər bir şeydən keçər, zənnindəyəm. İbadulla (Xəndan əfəndiyə). Yaşa, şairim, ayılıbsan. Vur dəysin! (Əlini uzadır). Xəndanəfəndi (Ibadullanın əlinə vurur). Dəysin! Süleyman Salehbəy (düşüncəli). Yahu, bir şey çıxmaz, ortalıqda bən kələyə düşərəm. Bağır (təkidlə). Düşməzsən. Məni iyi tanıyırsan ki, yüz ölçməsəm bir biçmərəm... Bir həftədir məsələ ilə məşğulam: bir adam vasitəsilə qızın hər bir işini öyrənmişəm. Çalışmalıyıq ki, başqa ələ keçməsin. Süleyman Salehbəy (düşünərək). Bən razıyam... Baxsana, onda əvvəlcə bəni Bəhicə ilə barışdırmalısan... Çünki Bəhicə məsələyə vaqif olmalıdır. Sənin haqqında onunla bərabər bəhs açmalıyız... İbadulla. Bilirsiniz, Bəhicənin bir neçə gözəl tablosunu ayırın, deyin bunlar bir şərq prinsinə satılmışdır. Onda qızda böyük maraq oyadacaq. Süleyman Salehbəy. Bu pək doğru!.. Məsələ maraq oyatmadadır. Sonra sən gələrsən, təntənə ilə səni qarşılarız... İbadulla (Bağıra). Prins Bağır, – deyə vizit-kart hazırla, gələndə qapıdan göndərərsən... Istərsən, mən də sənin şəxsi katibin olaram. Bağır. Çox gözəl. Təfsilatını sonra düşünərik. (Süleyman Salehbəyə). İndi Bəhicənin yanına gedimmi? Süleyman Salehbəy. Evdə olarmı? İbadulla burada görmüş. Bağır. Olmaz, sonra yenə gedərəm... Süleyman Salehbəy. Pək iyi, yüz bin dollar ələ keçdikdən sonra bizə nə çatacaq? Bağır. Neçə il desən səni təmin edərəm. Süleyman Salehbəy. Ciddimi söyləyirsən? Bağır (əlini yanağına vurur). Bu ölsün. Bilirsən ki. lotunun sözü doğru olar... (Getməyə hazırlanır). İbadulla (ayağa qalxır). Sən öl, allah yetirir. Xəndanəfəndi (Ibadullaya). Bəradər, bu Paris bir sirr imiş ki, (qalxır) bən şimdiyə qədər nərədə imişəm?.. Türkiyədə keçirdiyim uzun illərə yazıq. İbadulla (əlini Xəndanın çənəsinə qoyub oxuyur). “Altmış illik ömrüm oldu səndə bərbad, Ərdəbil. Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil.” Pərdə * * * Yeddinci şəkil Bəhicənin atelyesi. Geniş pəncərəli yüksək bir otaq. Sağ tərəfdə bir qapısı var. Divarlardan bir çox şərq janrlı tablolar asılmışdır. Bir tərəfdə molbert üzərində qurtarmamış bir şəkil qoyulmuşdur, yanında palitra və fırçalar görünür. Döşəməyə xalı salınmışdır. Divarın yanındakı kanapenin üstünə qurama örtü və arxasına hərəkə xalçası salınmışdır. Şüşə caməkanlarda cürbəcür minaatürlü şərq kitabları, rəsmlər, qitələr və kitabələr var. Pəncərələrin arasından çərçivədə Konya çiniləri asılmışdır. Tabloların arasındakı məsafələr əski türk silah və geyimləri, şərq qadını zinətləri ilə bəzənmişdir. Süleyman Salehbəy ilə Bəhicə kanapenin üstündə oturub, şən bir halda danışırlar. Süleyman Salehbəy qara pidjakda, Bəhicə isə şıq paltarının üstündən mavi iş xalatı geyinmişdir. Süleyman Salehbəy. Ah, Bəhicəciyim, bilsən nə məs’udam. (Bəhicəni qucub öpür). Sanki dünyaya yenidən gəlyorum. Bəhicə (xoş əda ilə). Amma çox nazlı imişsən... Süleyman Salehbəy. Quzum, hər vəziyyət... Bəhicə (qalxaraq). Aman!.. (dinləyir) çocuq durmasın da... Ah, mini-mini yavurcuğum ağlayır (cəld qalxır). Süleyman Salehbəy (qalxır). Qadınlar nə axmaq olurlar: Bəhicə zənn ediyor ki, doğrudan bən ona koca olacağam. Yox, bunların həpsi oyundur. (Özünü çəkərək gəzinir). Bən, İbadullanın istilahınca, kələk səhnəsinin artistiyəm. Bəhicə (qapıdan baxaraq). Salehciyim, gəliyorlar, sən qarşıla, bən çocuğu uyudum, gəlyorum. (Gedir. Süleyman Salehbəy otaqdan çıxır və haman amerikalı iki qız ilə girir. Qızlar paltolu və şlyapalıdırlar). Süleyman Salehbəy (qızlara). İştə Bəhicə xanımın atelyesi. (Göstərir). Birinciqız. Ah, nə gözəl! Nə gözəl!.. Tam bir sənət məbədi... (Tablolara yanaşır)... Bu tabloların hamısı Bəhicə xanımındırmı? Süleyman Salehbəy. Əvət. Birinciqız. Çox gözəl. İkinciqız (yandakı bir tablo qarşısında). Yəqin, bu İstambul qürubudur. Süleyman Salehbəy. Əvət (birinci qız da o tabloya yanaşır). İkinciqız. Incə minarələr qürubdə nə gözəl görünür. Birinciqız. Gözəl çəkilmişdir, böyük salona süs verəcək bir tablo... Əfəndim, bəs Bəhicə xanımın özü hanı? Süleyman Salehbəy. Çocuğumuzu uyudur, şimdi gələr. Birinciqız. Siz bağışlayın, Bəhicə xanımın zövcüsünüzmü? Süleyman Salehbəy. Əvət. Birinciqız. Çox məmnun olurum (əl verir, yoldaşı da görüşür). Bəhicə xanım çox mədəni xanımdır. İngiliscə də mükəmməl danışır, İstambulda amerikan kolleci bitirdiyini söylədi. Süleyman Salehbəy. Əvət (Bəhicə girir, qızlarla görüşür). Birinciqız. Bəhicə xanım, zövcinizlə tanış olmaq şərəfinə nail oldum, çox incə zatdırlar. Sizdən müsaidə almaqsızın bəzi tabloları gözdən keçirdim. Əfv edərsiniz. Bəhicə. Bir şey deyil. Birinciqız. Tablolar o qədər gözəldir ki, ayrıla bilməyirəm (təkrar tabloların tamaşasına dalırlar). İkinciqız. Bəhicə xanım, lütfən bu tablonu izah edərsinizmi? Bəhicə. Bu, əfəndim, zeybək oyunudur. Milli türk rəqsidir. İkinciqız. Tühaf geyimləri var. Birinciqız (bir ayrı tablonu göstərərək). Bu kimdir? Bəhicə. Bu türk şairəsi Xalidə ədib xanımdır. Onbaşı rütbəsində milli orduya girmiş və yunanlarla müharibə etmişdir... (Göstərir). İştə müharibəyə gedərkən... Birinciqız. Xırda bir vücudda nə böyük cəsarət var. Bəhicə. “Atəşdən kömlək” adlı romanı ingilis dilinə tərcümə olunmuş. Verərəm oxursunuz. Birinciqız. Məmnuniyyətlə. Çox maraqlı olar. Bəhicə. Bu qoca türk qadını manqal qırağında oturub, hərəm ağasına fala baxdırır. Birinci və ikinciqız (bir yerdə). Bu çox maraqlıdır. (Tablonun qarşısında dayanırlar). Birinciqız. Bu çox orijinaldır... mütləq bənim olmalıdır. Süleyman Salehbəy (Süni məhcubiyyətlə). Məələsəf, bu tablo və sıradakılar satılmışdır... (Bəhicə Süleyman Salehbəyə heyrətlə baxır). Birinciqız (təəssüflə). Xeyr. Bunu artıq para verib o adamdan almaq olmazmı? İkinciqız. Bunları alan xöşbəxt kimdir? Süleyman Salehbəy. Şərq prinslərindən Bağırbəydir. Özü böyük sənət aşiqidir, bu yolda çox da para sərf edir. Gözəl kolleksiyası var. (Bəhicə dalğın bir halda bütün söhbət əsnası Süleyman Salehbəyi süzür). Birinciqız (heyrətlə). Gözəl kolleksiyası var? Aman, onu görmək mümkün deyilmi, bəlkə, bu tabloları bənə güzəşt edə. Birə iki para verməyə hazıram. Süleyman Salehbəy. Görmək olar, ancaq tabloları güzəşt edərmi?.. Bilməyirəm... Birinciqız (israrən). Lütfən onu nə vaxt görmək olar?.. Bu prins gəncmi, qocamı? Süleyman Salehbəy (gülümsəyərək). Prins gəncdir. Tələbədir. Gözəl və şən bir adamdır. Birinciqız (düşünür). Prins evlimi? Süleyman Salehbəy. Xayır... Birinciqız (şən çöhrə ilə). Zənn ediyorum, tabloları güzəşt edər. Prinslər alicənab və incə olurlar. Qadına qarşı hörmət bəsləyirlər. Zənn ediyorum, bu prins də nəcib və əsil bir ailəyə və yüksək bir tərbiyəyə malikdir. Süleyman Salehbəy. Təbii, əfəndim, hər halda güzəşt edər. Birinciqız. Aman, nə gözəl olar! (düşünərək). Prins bura gəlməyəcəkmi? Süleyman Salehbəy. Gözləyiriz, katibi ilə bərabər gəlməlidir. Yeni bir şeylər də ismarlayacaq. Birinciqız. Aman, nə səadət? İk inciqız. Katibi də prinsdirmi? Süleyman Salehbəy. Əvət, o da zadəgandır. İkinciqız. Aman, nə səadət! O da sənət məftunumu? Süleyman Salehbəy (bir az düşünərək). Necə deyim, o da başqa bir xilqət: qadın və əyləncəni çox sevər. İkinciqız (gülər kimi). Əyyaşmı? Süleyman Salehbəy. Xayır, əfəndim, şən bir məclis adamıdır. Deyər, gülər, rəqs edər... Çox gəncdir. İkinciqız (şən). Aman, nə səadət! (Düşünərək). Bəs nə üçün gec gəldilər? Süleyman Salehbəy (saata baxır). Zənn ediyorum, bir dəqiqədən sonra gələrlər. (Qızlar palto və şlyapalarını çıxarıb kanapenin üzərinə atırlar və atelyeni dolaşaraq güzgü arayırlar). Birinciqız (Bəhicəyə). Tualet otağınıza getməyə müsaidə edərsinizmi? Bəhicə (istər-istəməz). Buyurunuz. (Qızların hərəsi Bəhicənin bir qoluna girib, oynaq bir halda otağı tərk edirlər). Süleyman Salehbəy (öz-özünə).İ iyidir. Lakin... Bəhicənin xoşuna getməyir. Baxırsan bir dəfə də açıb ağzını Bağır və İbadulla haqqında bir söz belə söyləmək istəməyir. Bu, hər adamın doğrusunu sevir. (Sükut)... Eh, nə etməli, həyati təcrübəsi yoxdur. (Bərkdən). Daha bilməyir ki, dünya dolaşıq xaliqin dolaşıq bir məhsuludur; yaşamaq üçün dolaşıq olmalısan. Məqsəd – iştə insana qüdsiyyət verən mələk. Vasitələr və yollar tez unudulan şeylərdir... (Bəhicə qızlarla geri dönür). Birinciqız. Süleyman Salehbəy, nə məsud atasınız – çocuğunuz o qədər dilbər ki, Süleyman Salehbəy. Mersi. Görünür, çocuqları çox sevirsiniz. Birinciqız. Çıldırıram! İkinciqız (kənara). Ah, çıldırmazmı? (Düşünərək) Bu prinslər də gəlmədilər. (Xidmətçi qız təbsidə iki vizit kart gətirir. Süleyman Salehbəy alır). Süleyman Salehbəy (oxuyur). Prins Bağır bəy fon Mərdəkan, prins İbadulla fon Kəlbəcər... Prinslər təşrif buyurmuşlar. (Xidmətçi qıza) Buyursunlar. (Xidmətçi qız qapıya doğru yürüyür. Qızlar o yan-bu yana yüyürüb güzgü arayırlar. Biri redikülünü açıb güzgüyə baxır, o birisi əlindən qapıb özü baxmaq istəyir. Bəhicə bir tərəfə çəkilib hiddətlə tamaşa edir). Birinciqız (bir-birinin əlindən qarmalamağa çalışırlar). Sən bir burax. İkinciqız. Yox, sən burax! Birinciqız. Prins ikidir! İkinciqız. Burax. Prins gəlir! Birinciqız. Bu redikül sənin deyil... səninki oradadır (kanapeni göstərir). İkinciqız (kanapeyə doğru qoşur). Aman ya rəbbi, bir az gec gələydi! (Güzgünü çıxarıb tualetini düzəldir). Bağır, İbadulla və Xəndan əfəndi içəri girirlər. Üçü də vizitkalıdır. Xəndan əfəndiyə vizitka yaraşmayır. Bağırın gözündə monokl var. Qızlar cəld redikülləri atıb məhcub bir halda biri o birinin arxasında gizlənir. Bağır. Bonjur, əfəndilər! İbadulla və Xəndanəfəndi (bir yerdə). Bonjur! (Bəhicənin və Süleyman Salehbəyin əllərini sıxırlar. Bəhicə olduqca soyuq davranır). Süleyman Salehbəy. Bonjur! Bonjur! Xoş gəldiniz. Müsaidə ediniz, madmazelləri zati-nəcabətlərinə təqdim edəyim. (Qızlara). Madmazellər, müsaidənizlə. (Bağır, İbadulla, Xəndan əfəndi yeriyib qızların əllərini sıxırlar. Xəndan əfəndi tələsərək, ikinci qızın ayağını basdayır). İkinciqız (ayağını qaldıraraq, üzünü turşadır və Xəndan əfəndiyə tərs-tərs baxaraq). Ah, bu nə zırrama! Xəndanəfəndi (kənara çəkilərək ayağına xor-xor baxır). Lazım olmayan yerdə kəklik kimi səkir. Burda topuq vurur, bu da talesizlikdəndir. Bağır (Tabloları süzərək). Bən bu atelyeyə gələndə ciddən böyük zövq duyuram. Bu sövqü yalnız mütəəssib bir rəhban madon qarşısında duya bilər. Birinciqız (məsum bir halda). Prins, eyni zövqü duyan bir amerikan qızcığazı da var. Bağır (ona yanaşaraq). Sizdəmi bir sənət könüllüsüsünüz? Birinciqız (Boynunu çiyninə qoyaraq, xoş bir əda ilə). Könüllüsü deyil, məftunuyam. Bağır (qızın əlini əllərinə alaraq). Deməli, sənət zövqü bizim qəlblərimizi bir-birinə yaxınlaşdırır... Çarpıntılarını bir-birinə qovuşdurur. Birinciqız (ona sıxılaraq). Təbii, deyilmi? Bunların danışığını maraqla dinləyən Xəndan əfəndi, birdən pərt olaraq dəftər və karandaşını çıxarıb, karandaşını ağzında islada-islada şeir yazır. İbadulla (ikinci qıza). Sizdəmi rəsmi sevənsiniz? İkinciqız (məhcub bir halda). Doğrusu...yox... İbadulla. Mən də yox İkinciqız. Əylənmək, həyatı xoş keçirmək... İbadulla. Coşmaq... İkinciqız. Daşmaq... İbadulla. Eşq alovunda... İkinciqız. Yanmaq, odlanmaq... İbadulla (ikinci qızın əlini əllərinə alaraq). Bəs nə durmuşuq? İkinciqız (Ibadullaya sıxılaraq). Bilməm ki. Xəndanəfəndi (maraqla tamaşa edərək). Həriflər görən tez anlaşdılar. Ənfəs. Birinciqız (tabloları süzərək). Prins, deməli bu gözəl tablolar... mənimdir. Bağır. Təbii! Birinciqız (ona sıxılaraq). Ah, bilsəniz nə məsudəm! İkinciqız (Ibadullaya). Prins, deməli burdan sonra bərabərcə əylənəcəyiz? İbadulla. Təbii! Təbii! İkinciqız (ona sıxılaraq). Ah, çıldıracağam. Xəndanəfəndi (kənara). Sən niyə çıldırıyorsun, qoy mən çıldırım. Süleyman Salehbəy (Bəhicənin qoluna girərək). Prinslər, prinslər, iləridəki müştərək həyatınızda bizim kimi xoşbəxt olmanızı bütün səmimiyyətimlə diləyirəm. (Bəhicə hiddətli bir halda gözlərini yerə dikir, durur). Hamı. Mersi! Mersi! Xəndan (kənara). Yaxşı, bunlar “mersi” deyir, çünki qaz vurub qazan doldurmuşlar, bəndən sormalı ki, ay abdal, sən niyə “mersi” deyirsən. İkinciqız (Bağıra Xəndan əfəndini göstərərək). Bu da sizing yoldaşınızdırmı? Xəndanəfəndi. Həriflər məni necə tez unutdular. Bağır. Əvət, şərqlidir. Birinciqız (maraqla). Xristiana, bənzəməyir... Anfidelmi? Kafir? Bağır (düşünərək). Öylə olacaq. Birinciqız (heyrətlə). Ah, anfidel Xristian olmayır? Xəndanəfəndi (kənara). Məhəmməddən nə xeyir gördüm ki, İsadan nə xeyir görüm. Süleyman Salehbəy. O şairdir, şairlər ilhamdan başqa din tanımazlar. Birinciqız. Ah, şairdir. Maraqlıdır. (Qızlar larnetlərini qaldırıb, onu diqqətlə süzürlər). İkinciqız (Larnetlə baxmada davam edir). Şairə bənzəyir, çünki çox kədərlidir. Xəndanəfəndi (kənara). Hım... Kədərim olmazmı? Süleyman Salehbəy (müsafirlərə). Prinslər, prinslər və Xəndan əfəndi, yemək otağına buyurunuz, bu məsud dəqiqələrin şərəfinə badənuş olalım. Hamı. Mersi! Mersi! Xəndanəfəndi (irəli yeriyərək). Kərəm buyurunuz. (Bağırı, İbadullanı və Süleyman Salehbəyi göstərrək). Bən bunlar kimi yalançı və adam aldadanları bir yerdə şərab içməm. (Üzünü kənara tutaraq) Ah, zorluların əziyyətinə davam edən əməkçi xalqım, səndən ayrıldığıma peşimanam. Bu gündən etibarən mən təkrar səninəm. Vətənə dönəcəyəm və səninlə şanlı əmək yoldaşı olacağam. (Yoldaşlarını göstərərək). Lənət bu fırıldaqçı aləmə (gedir)! Süleyman Salehbəy (Bağırın və İbadullanın üzünə baxaraq). Şair yenə axmaqladı. Bəhicə (Süleyman Salehbəyə). O axmaq deyil, siz axmaqsınız. Bütün işiniz fırıldaqçılıqdır. Kral olmuşdunuz, şimdi də prinssiniz. Yetər bu rəzalət. Utanmazlar! (Qızlara). Madmazellər, bu gənclərin heç biri prins deyil. Bu oyunların həpsi məxsus sizin paranız üçün qurulmuşdur. Sakınınız sizi aldatmasınlar. Qızlar əllərini oğlanların qollarından çıxarıb, kənara çəkilir və düşüncəyə dalaraq qalırlar. Gənclər Bəhicəni hiddətlə süzürlərı. Pərdə 1935 * * * Kitabxana.az · https://kitabxana.az/collections/cemenzeminli-hezreti-sehriyar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1943). Public domain (author died 1943). Original text only.