İki od arasında Yusif Vəzir Çəmənzəminli (1887–1943) Birinci hissə “İbrahim xan... hüzuruna yaxın, qulluğunun nədimi, baş katibi və dövlətinin möhkəm bir sütunu olan qazaxlı Molla Pənah Vaqifi yanına çağırdı. Vaqif kamal, ədəb və elm sahibi bir sima idi. Əgər Çinin fəsahət səhrasının ahusu, onun səlis təbinin sünbülüstanında pərvəriş tapan qəzəllərin maralı ilə bərabərlik iddiası etsə, tamamilə səhvdir. Əgər bəlağət bədəxşanının ləli, onun sinəsinin xəzinəsində toplanmış parlaq beytlər və çox az tapılan qiymətli mirvarilər qarşısında xəcalətindən qızarsa, tamamilə düzgündür”. Mirzə Adıgözəl ** “Birincisi, Vaqif təxəllüslü mərhum Axund Molla Pənahdır ki, tədbirli və kamallı məşhur vəzir idi və Iranda, Rumda olduqca şöhrət tapmışdır. Onun türkcə yazdığı aşiqanə şeirləri indi də dillərdə əzbərdir”. Mirzə Camal ** “Hər oxuyan Molla Pənah olmaz” Məsəl 1 Dan yeri sökülürdü. Bağrıqanın1arxasından başlayaraq göyün üzünə tutqun şəfəq çəkilmişdi. Havada xəfif bir sazaq var idisə də yazın ağacları oyadan ilk yeli bu sazağa bir xoşluq verirdi. Ətrafda xoruzlar banlaşır; bazardan yuxusuz darğa şagirdlərinin kal səsləri səhərin sükutunu pozaraq kədər saçırdı. Bir şaqqıltı eşidildi: sarayın darvazası açıldı, orada qaraltılar səyrişdi, cəsarətsiz qırıq səslər gəldi. Çox çəkmədi ki, bir neçə adam içəridən dışarıya doğru səpildi, arxadan atlılar görünməyə başladı. Ci- Iki od arasında” romanının bu nəşrində 1968, 1976, 1986, 2002-ci il nəşrləri əsərin əlyazması ilə tutuşdurulmuş, ideoloji-siyasi mülahizələrə görə əvvəlki nəşrlərdə yol verilmiş “təmizləmələr”, dəyişmələr aradan qaldırılmış və ixtisarlar bərpa edilmişdir (Red.). lovdarlar atların başından yapışıb, aramla yürüyür, nökərlər, zinpuşçular, məaflar2 onları izləyirdilər. Qafilə bir az irəliləyib sağ tərəfə, qala qapısına doğru döndü. Bir-iki nökər yüyürərək şəhər qapısı keşikçilərinə xəbərə getdi. Dəmir qapıların sanballı qıfılları zırınqıltı ilə açıldı, ağır mandallar cəftələrdən çıxarıldı, bir dəqiqədə qapılar taybatay açıldı, qaranlıq tağlara gün çıxandan qızartdaq şəfəqlər düşdü. Qapının səkilərində bir sıra keşikçi durub, əllərini döşlərinə qoyaraq intizarla qafiləni gözləyirdi. Bunların içərisində yapıncılı ləzgi və qumuq, Cavanşir elinə mənsub sallaq bığlı, qolsuz kürklü atıcılar var idi. Qılınc və xəncərlərin gümüş qəbzələri, tüfənglərin bəndləri sönük parıltı saçırdı. Qafilə yanaşdı. Keşikçilər artıq ikiqat olmuşdular, gözləri yerdən başqa heç bir şey görmürdü. Öncə gələn atın üstündə ağır gövdəli, ağ çadralı bir xanım oturmuşdu. Bu, İbrahim xanın arvadlarından Şahnisə xanım idi. Dan yerinin şəfəqi xanımın üzünə düşən kimi gözlərini qıydı, üzünü qırışdıraraq: – Uşaqlar, necəsiniz? Yaxşısınızmı? – dedi. – Sağ olun! Sağ olun, xanım! Üstümüzdən əskik olmayasınız! – deyə cürbəcür səslər eşidildi. Qafilə qala qapısını çoxdan tərk etmişdi, lakin hələ də ikiqat qalmış keşikçilər razılıq etməkdə idilər. Yavaş-yavaş işıqlanırdı. Göydə bir bulud parçası belə yox idi; şərq tərəf kəsilmiş qarpız kimi qızarırdı. Indiyə qədər davam edən sükutu Şahnisə xanım pozdu; sol tərəfində atda gedən qızı Kiçikbəyimə dönərək: – Ay qara qız, – dedi, – deyəsən yorğunsan, bənizin qaçıb... Axşam sənə dedim ki, az oyna, az atıl-düş. Qulaq asmadın. Kiçikbəyim albalı rəngli dodaqlarını xoş bir əda ilə büzdü, qaşlarını süzərək: – Ay ana, ildə bir gecə çillə çıxır, onu da deyə-gülə keçirməyəsən, doyunca oynamayasan... Heç olarmı? – dedi, sanki gecə sabaha qədər xoş keçirdiyi vaxtı xatırlayıb nəşələndi və qəhqəhə çəkib, ürəkdən güldü. Bəyimin gülüşü arxadan gələn qədimi3Babanı da mürgüdən ayıltdı; qırışıq üzü açıldı, topa saqqalını tərpədə-tərpədə: – Xanım, təsəddüqün4 olum; cavanlıqdır. Qoy əylənsin! Bəyimin bu saat qızlar bulağından su içən vaxtıdır... – dedi, susdu və sanki başında dalğalanan xatirələr onun sözlərini qırıb tökdü. Şahnisə xanım yarı çevrilərək dodaqlarında imalı bir təbəssüm oynatdı: – Ay Qədimi, – dedi – deyəsən cahıllığın yadına düşdü. Qorxma, çox qoca deyilsən, gecəki oyunundan gördüm; hələ süzə bilərsən. – Xanım, başına dönüm, nə deyirsən, sən mənim nə vaxtımı gördün... Məni rəhmətlik Pənah xanın zamanında at belində görəydin... Qırğı kimi idim. Baba bir ah çəkib atın üstündən dikəldi, şallağı ilə sağ tərəfdə görünən topxananı göstərdi: – Bax, başına dönüm xanım, iyirmi il olar, Fətəli xan Əfşar o döşdən tutmuş bu Şüşü dərələrini qoşunu ilə doldurmuşdu, bax, ağzı yuxarı Qalaya tərəf daraşmışdılar. Pənah xan rəhmətlik toplara od qoydurdu, yer, göy lərzəyə düşdü... Bu indi keçdiyimiz Gəncə qapısı açıldı. Atları götürtdük... Dərələrdən sel kimi, təpələrdən yel kimi axıb töküldük... Fətəli xan o gedən oldu, getdi. Babanın hələ də şallağı havadan asılı qalmışdı. Sanki yenə də bəzi şeylər söyləmək istəyirdi. Çal qaşları altından baxan xırda gözləri atəş saçırdı. Şahnisə xanım onu sancmaq məqsədilə yenə gülümsünərək: – Axırı nə oldu, a Qədimi? – dedi. – yenə sizi aldatdı, İbrahim xanı da zaval apardı. Baba əlini havadan salıb, qeyzlə xəncərinin dəstəsindən yapışdı, dili dolaşa-dolaşa dedi: – Xanım nə buyurursan... Qasid yolladı... Şirin dilini işə saldı... Qızını İbrahim xana vermək istədi... Amana gəldi... Biz də İbrahim xanın dalına düşüb, Xocalı düzünə barışığa getdik... Qoyunlar kəsilib, qazanlar asılmışdı... Nə bilək ki, ilqarından dönəcək, bizi də İrana zaval aparacaq... Kiçik bəyim lağ ilə: – Ay lələ, – dedi, – bəsdir, xoruzlanma, daldan atılan daş topuğa dəyər. Baba qollarını ata-ata yenə danışmaq istədi, lakin öskürək onu boğdu. Bir daha danışa bilmədi. Şahnisə xanım Qədiminin öskürəyinin səbəbini duyub, ona çubuq çəkməyə rüsxət verdi. – Baba üzürxahlıq etdi: – Xanım, başına dönüm, bihörmətlik olar, xəcalət çəkərəm. Kiçikbəyim anasının əvəzinə: – Zərər yoxdur, lələ, çək! Çubuğu doldur, – dedi. Baba bir-iki dəfə üzr istəyib, tənbəki kisəsini çıxardı. Gümüş zəncirli çubuğu doldurdu. Qovu çaxmaq daşı ilə alışdırıb, çubuğu yandırdı. Tüstünün iyi xan ailəsinə əziyyət verməsin deyə baba atını yavaşıtdı və əlli addımlıq bir məsafədən qafiləni izləməyə başladı. Dan yeri parlayırdısa da günəş hələ Bağrıqanın arxasından çıxmamışdı. Xoş bir yel İnsanı oxşayır, köksünə sirli bir fərəh doldururdu. Yol getdikcə yalçın qayalardan Daşaltı çayına qədər ilan kimi qıvrılaraq enirdi. Atlar addım-addım yürüyür, tez-tez ayaqları sürüşürdü. Cilovdarlar atların yüyənindən bərk yapışıb arabir onlara acıqlanırdılar. Kənizlər atdan düşüb Şahnisə xanımın qılçalarından yapışmışdılar. Kiçikbəyim də atı cilovdara verib, Məmməd bəylə öndə yürüyür və kəsmə yollarla qayalardan sürüşərək aşağıya enirdi. Məmməd bəy on iki-on üç yaşında ala gözlü, qumral saçlı, geniş kökslü, şümal bir oğlandı. İbrahim xanın qardaşı Mehralı bəyin oğlu idi. İbrahim xan Irana zaval aparıldıqda Pənah xan qoşun çəkib Fətəli xanın dalınca getmişdi. Iran dövlətinin vəkili Kərim xan Zənd Pənah xan ilə birləşib Fətəli xanı basmış və İbrahim xanı əsarətdən qurtarmışdı. O aralıq Kərim xan fərman göndərib Mehralı bəyi Qarabağ xanı təyin etmişdi. Pənah xanı isə təcrübəli müşavir adı ilə Şiraza zaval aparmışdı. Əsarətdən qurtaran İbrahim xan Qarabağa dönür və qardaşı Mehralı bəylə arasında səltənət davası düşür. İbrahim xan qaynı Avar xanın köməyi ilə qardaşını Şuşadan çıxarıb Qarabağ xanı olmuşdu. Mehralı bəy isə qaçıb Quba xanına sığınmışdı. Oğlu Məmməd bəy atasının sarayında tərbiyə alıb böyüyürdü. İgid, kəskin təbiətli bir gənc idi. Kiçikbəyim ondan beş-altı yaş böyük də olsa, bir-biri ilə yoldaşcasına keçinir və igidlik meydanında bir-birindən geri qalmırdılar. Kiçikbəyim ana tərəfdən Şahsevənli Bədir xanın nəvəsi olduğu üçün, ana elinin bir çox xassələrini daşıyırdı: at minib cıdıra çıxmaq, tüfəng atmaq, qılınc oynatmaq onun üçün təbii bir ehtiyac kimi idi. Günün müəyyən hissəsini şəhərin ətrafını dolaşardı və həmişə də zavallı Şahnisə xanımı və lələsi Babanı özü ilə getməyə məcbur edərdi. Bu günkü bu seyr də onun nazı üçün yapılırdı: novruz münasibətilə axar su üstündən atılıb, çilləsini kəsdirəcəkdi. Çayın şırıltısı get-gedə daha aydın eşidilmədə idi. Nəhayət, iri qayaların və kolların arasından çayın özü də görünməyə başladı. İki dağın arasından çıxıb, yuvarlaq daşlara toxunaraq gurultu və nərilti ilə axırdı. Suyu hələ az idi. Dağlarda qar əriyəndə və yaz yağışları başlayanda bu dayaz çay ağzı köpüklü bir əjdahaya dönüb, bütün ətrafını xəşin pəncələrilə qaplayır, qayaları qoparır, iri ağacları kökündən çıxarır və igid tüfəngini oynadan kimi pəncəsində oynadır. Ah, bu çay coşarkən nə qanlar eləməmişdi! Indi qış onu gücdən salmışdı, nəriltisi belə cansız və ruhsuzdu. Atlılar hələ dolamaları enməmiş Məmməd bəylə Kiçikbəyim çaya çatmışdılar. Beş-altı evlik erməni kəndinin içindən keçib, daş körpünün üstünə çıxdılar. Qarşıda sağ tərəfdə göylərə yüksəlmiş çılpaq qayanın başına günəş zəfəran rəngi çəkmişdi. Sol tərəfdəki qayanın arxasında meşə incə cizgilərlə yüksəlirdi. Uzaqlarda ağ çalmalı Kirs dağı əzəmətlə yuxuya qalmışdı. Atlılar körpüyə çatar-çatmaz hamı atdan endi, yavaş-yavaş sol tərəfdəki Qotursuya yanaşmağa başladılar. Qayanı yarmış Qotursu üçdörd metrlik bir hündürlükdən əlvan boyalı çınqılların içinə tökülür, gümüş zəncir kimi qıvrılaraq axıb gedirdi. Kiçikbəyim suyun kənarına gəldi: “Ağırlığım, uğurluğum tökülsün!” – deyə bir neçə dəfə suyun üstündən o yan-bu yana atladı. Sonra yosunlu qayaya söykənmiş Məmməd bəyə yönələrək: – İgid, bəs sən niyə durmusan? – deyə ərklə onun çuxasının qolundan dartdı. Məmməd bəy töyşüyərək körpüdən dik enən Şahnisə xanıma işarə edərək yerindən tərpənmədi: əvvəl yaşlılar, sonra cavanlar atlanmalı idi. Qollarından kəniz və qaravaşlar yapışmış xanım gəlib Qotursuyun yanındakı tut bağının hasarının üstündə oturdu. – Ağgünlü olmuş, – dedi, – məni bu yaşımda gör gətirib haralara çıxarırsan; lap canım ağzımdan çıxır. – Ay ana, evdə oturub lətlənməkdənsə bu yaxşıdır: Palaza bürün, el ilə sürün: bir azdan sonra şəhərin bütün qız-gəlinləri, ahıl- cahılları burada olacaq. Şahnisə xanım qızının qarayanızı çöhrəsində dolaşan fərəh və nəşəni fəxr ilə seyr edərək: – Bəxtəvər başına! – deyə gülümsədi və nökərlərə: – Ay uşaq, cəld bir ocaq qayırın, bir qəhvə içək, – dedi. Nökərlər hasarı keçib, bağın aşağı tərəfində ocaq tədarükünə düşdülər; kənizlər tut ağacının altında süfrə salmağa başladılar. Şahnisə xanım bir az dincəlib durdu, bulaq başında əl-üzünü yudu və: “Ağırlığım, uğurluğum tökülsün! “ – deyə axar su üzərindən Kiçikbəyimin köməkliyilə atlandı. Kiçikbəyim Məmməd bəyin qolundan tutub, onu da suyun yanına gətirdi, qəhqəhə çəkib onu itələdi, sudan atlatdı. Zarafatlar başladı, bir-birini suya doğru itələyib, əylənirdilər. Nəhayət, Kiçikbəyimin məxmər başmağı suya düşdü. Məmməd bəy suyu süzələnən başmağı yuxarı qaldırdı və istehza ilə: – Ay bəyim, ha istəyirsən oğlan olasan, ola bilmirsən. Oğlan olmaq sənin hünərin deyil, – dedi. Kiçikbəyim ağlamsınaraq, başmağı onun əlindən alıb hasarın üstündə oturdu. Tut ağacının altında zərif kaşan xalçaları salınmış, məxmər döşəkçələr, ipək püştələr5, mütəkkələr düzülmüşdü. Qaravaşlar əlləri döşlərində səf çəkib, xanımları gözləyirdilər. Şahnisə xanım isə suyun kənarında oturub çilləsini kəsdirirdi. Kiçikbəyim üçün Gülablı kəndindən gətirilmiş və o zamandan bəri sarayda qalmış dayə, xanımın qarşısında çömbəlib, onun baş barmaqlarını ağ ipliklə çatdı, sonra dedi: – Həzrəti Süleyman eşqinə, cin qızı Mərcan hökmünə, bəni adəmdən, bəni heyvandan, cindən, şeytandan, axar sudan, köklü ağacdan, dibli qayadan, yeddi yolun ayrıcından... hər kəsin çilləsinə düşübsən, çilləni kəsdim! Bu sözlərdən sonra qayçı ilə ipliyi kəsdi. Əlavə olaraq xanımın barmaqlarını iki dəfə də çatdı, eyni sözləri oxuyub kəsdi və sonra kəsilmiş iplikləri bir əli ilə qaldırıb xanımın başının üstündə tutdu və o biri əli ilə bürüncdən qayrılmış, üzərində dualar həkk olunmuş “qırx açar camı” ilə bulaqdan bir az su götürüb iplik qırıntılarının üstündən axıtdı. Su xanımın başından aşağı süzələnərək onu bütün dərdlərini yuyub apardı. Dayə Kiçikbəyimin də çilləsini kəsdi, ona xoşbəxtlik dilədi, sonra südü ilə bəsləmiş olduğu bəyimin incə əllərini dodaqlarına basıb öpdükdə gözləri yaşardı... Günəşin zəfəranı işığı yavaş-yavaş qayanın yuxarılarından aşağa enir və endikcə də əvvəlki rəngini itirirdi. Indi çayın və çaydan dəyirmanlara ayrılan arxların kənarları əlvan geyimli qız-gəlinlərlə dolmuşdu. Xalq köhnə ildən qalma dərd və qəmlərini suya tökərək, axar su üstündən atlanır, çilləsini kəsdirirdi. Gülüşlər, seyhələr dağlara düşərək əks-səda doğururdu. 2 Pəncərənin xırda, rəngbərəng şüşələrindən içəri düşən şüalar yerə döşənmiş xalıların boyalarına ayrıca bir süs vermişdi. Bəzi naxışlar alovlanan kimi olaraq yaldızlı6qəzəhlərlə7pəncərəyə doğru uçuşurdu. Pəncərənin içində ipək döşək üstə uzun papaq, zoğalı çuxa, yaşıl şalvar geymiş, şal qurşaqlı bir kişi oturub, bir qanadı qaldırılmış pəncərədən uzaq mənzərəni – Dabtələbi, başı qarlı Murov dağını seyr edirdi. Onun qara boyalı bığlarının ətrafındakı dərin cizgilər gah füsunkar mənzərə qarşısında xəfiflənir, gah da dərinləşərək ağır qayğılar ifadə edirdi. Bu, xanın vəziri və dövlətin müşaviri Molla Pənah Vaqif idi. O qarşısındakı mina güldan içindəki novruzgülü və bənövşələri götürüb qoxladı və güldanı huşsuz bir halda pəncərə taxtasının üstünə qoydu. Bu əsnada qələmkar pərdəli qapı açıldı. Vaqifin oğlu Qasım ağa içəri girdi. Bığ yeri yeni tərləyən bu gənc naxışlı corabları ilə xalının üzəri ilə səssizcə yürüyərək atasına yanaşdı və dizi üstə çöküb əlini öpdü: – Ağa, bayramın mübarək olsun! – dedi və sevinclə atasının üzünə baxa qaldı. – Səninkilə bərabər, oğul! Neçə belə-belə bayramlar görəsən! Böyük oğlan olasan! Ortalığa dərin bir sükut çökdü. Nə ata bir söz söylədi, nə oğul. Vaqif üzünü yenə Murov dağına tərəf çevirib əqiq üzüklü barmaqları ilə pəncərənin taxtasını çalaraq nədənsə Qasım ağanın anasının vaxtsız sönməsini yanıqlı xatırladı. Yenə üzünün cizgiləri dərinləşdi və gözündən bir damla yaş qopub yanağı aşağı yuvarlandı. Sanki əvvəl onun özü bunun fərqinə varmadı, mənzərəyə dalıb qaldı. Lakin bir az sonra üzünü yenə oğluna çevirdikdə onun nəşəli üzünə kədər kölgəsi çök- düyünü duyub, ayılan kimi oldu. Əlini atıb döşəkçənin altından iri güllü bir dəsmal çıxarıb gözünü sildi: – Bayramdır, get gəz! – deyə oğlunun getməsinə izin verdi. Qasım ağa qalxıb qapıya çatmamış qələmkar pərdə qaldırıldı, içəri orta boylu, dolğun vücudlu gözəl bir qadın girdi. Kəlağayının altından çıxmış qara tellərin ucları ağ buxaqda ilan kimi qıvrılmışdı. Darayı köynəkdən baş vermiş döşləri nümayişkar bir vəziyyət almışdı. Zərbaft nimtənənin düymələri sezilməz bir sarsıntı içində idi – qadının dərin bir iztirab keçirdiyi duyulurdu. Vaqifin sınaqlı gözləri arvadına rast gələrək parladı, ona qarşı bəslədiyi və bəzən tərəddüd dolanbaclarına dalan eşqi yenidən canlandı. Şux və ehtiraslı bir təbəssümlə: – Qızxanım, bayramın mübarək olsun! – dedi və onu oynaq baxışılə başdanayağa oxşadı. Qızxanımın bayram fərəhi ifadə edən çöhrəsi sanki ərinin iltifatından ürkərək dəyişildi. Sərzənişli bir cizgi onun incə dodaqlarına bir ikrah cilası verdi. Vaqif bütün incəliklərinə qədər bələd olduğu bu çöhrədəki dəyişikliyi sezdi. Qorxduğu olmuşdu: onun bayram nəşəsinə artıq zəhər qarışmışdı. Qəlbi kədər dalğasına atılaraq bütün vücudunu sarsıtdı. Qeyri-ixtiyari olaraq əlini pəncərəyə tərəf hərləyəndə, güldana toxunub saldı. Güldan sındı. Qızxanım bu mina güldanın sınmasından mütəəssir olaraq öz-özünə düşündü: “Qəlb ki, var, o da bu güldan kimi bir şeydir: sındımı bir daha düzəlməz”. Bu əsnada içəri qoca bir nökər girdi: – Ağa, Mirzə Əliməmməd ağa təşrif gətiribdir, – dedi: – Buyursun! Buyursun! İndiyə qədər ayaq üstə qalan Qızxanım cəld çönüb ikinci qapıdan çıxdı. Nökər də artırma qapısını açıb: – Buyurun! – deyə divara qısılaraq qonağa yol göstərdi. Mirzə Əliməmməd içəri girdi. Bu – uca boylu, saqqalının bəzi yerlərinə dən düşmüş, qara qaşlı, qara gözlü bir kişi idi. Hər bir hərəkəti cəld idi. Əlini cəld döşünə qoyub, salam verdi və eyni cəldliklə də yürüyüb yerindən qalxmaq istəyən Vaqifin yanına gəldi, dizi üstə çökdü: – Məni xəcil və şərmsar etmə! – dedi və Vaqifin iki əlini də ovuclarının içinə alıb bərk-bərk sıxdı: – Eydi-şərifiniz mübarək olsun, inşallah! Neçə belə bayramlar görək, kefimiz kök, damağımız çağ olsun! – Səninlə belə!.. Xəcil niyə olursan? Məsələ rütbədə deyil, övladi – peyğəmbərə hörmət etmək hər bir müsəlmana borcdur... Burada nə üçün oturdun? Dur ağzımızı şirin eləyək. İkisi də qalxıb kallayının yuxarı başındakı bayram süfrəsinin qırağında döşəkçə üstündə əyləşdilər. Qələmkar süfrənin üstünə lacivərdi saxsı boşqablarda noğul, qəzəngülü, zilbiyə, paxlava, şəkərçörəyi, qorabiya, açıq narınc rəngli Mazandaran nabatı və quru yemişlər qoyulmuşdu. Süfrənin ortasına bir neçə boşqab səməni otu düzülmüşdü. Kənarlarındakı lacivərdi mətrəblərdə8də şərbət vardı. Vaqif əlini noğula uzadıb, özünəməxsus zarafatyana təbəssümlə: – Seyyida, cəddinə yesir olum, ağzını şirin elə! “Bərgi səbzist təhfeyi dərviş9...” – dedi. Mirzə Əliməmməd üstünə mixək sancılmış bir qorabiya götürüb kəsdi, bir parçasını ağzına qoydu: – Sənin kimi dərviş olmağa hər kəs xahişmənddir. – Ah, gözüm nuri, dərvişin də dərdi olur – bax, novruz səhəri güldanım düşüb sındı. Bu nəhs bir şey deyilmi? Vaqifin üzündəki zarafat izləri itib getdi. – Şairül-şüəra, qab sınması el arasında qada-balanın izalə olması deyə təfsir olunur. Bir də ki, hələ il təhvil olmamışdır, dəstəyə10bir saat qalanda olacaq. Güldanın sınması köhnə ilə təəlluqdur. – Kaş sən deyən olsun. Ancaq ürəyə pis gəlir: Milçək murdar deyil, qəlb bulandırır. Bayaq mirzə Əliməmmədi içəri buraxıb çıxan nökər üstü incə naxışlı bürünc sinidə iki fincan qəhvə gətirdi və eyni zamanda Xanməmməd ağanın gəlməsini xəbər verdi. Vaqif: – Buyursun! – deyə dodaqlarında bir istehzalı təbəssüm oyatdı. Mirzə Əliməmməd isə pərt-pərt qapıya baxaraq doğma qardaşının gəlməsindən heç də məmnun qalmadı. Xanməmməd gəldi, bayramlaşıb oturdu. Yaşıl çuxasının qollarını çiyninə atıb, iri, üstü tüklü burnunu çəkdi və heç bir təklif olmadan süfrədən bir həlviyə götürüb, ağzına qoydu. Ordlarının ikisi də şişik bir halda şəhərin yeni xəbərlərini nağıl eləməyə başladı: – Xan Qurdlar məhəlləsindən keçirmiş... Xəzinə qayasından qayıdırmış, o nədi, təzə burca baş çəkməyə gedirmiş... Vaqif gülərək onun sözlərini kəsdi: – Ya gedirmiş, ya qayıdırmış!.. Xanməmməd cəld: – Qayıdırmış! – dedi və ağzından həlviyə sıçratdı. Qayıdırmış! – Kələntər Ağası bəy də yanında imiş. Xülasə, sövdəgər Hacı Kərimin çəpərinin yanından keçəndə gözü həyətdə Hacının qızına sataşır. Deyirlər, çox xoşuna gəlib. Qız da pis deyil: on beş-on altısındadır... Vaqif zarafatla: – Deməli, toyda süzürük! – dedi. – Niyə süzmürük, axund, ölməyəcəyik... Mirzə Əliməmməd qardaşının söhbətini utanaraq dinləyir, gözlərini yerdən qaldırmırdı. Vaqif isə nəşələnib zarafatında davam edirdi: – Ay Xanməmməd daaş11, bir de görüm sənin dostun Səfərdən nə xəbər var? Səfər Qarabağın məşhur qaçaqlarından idi. Əsli Zarıslı12 elindən olub, yüzbaşını öldürdükdən sonra dağlara qaçıb yolkəsənlik edirdi. Bir il əvvəl Xanməmməd kəndlərin birindən malcəhət13yığıb qayıdarkən Səfərə rast gəlir. Səfər onu tutub nökərləri ilə bərabər ağaca bağlayır, eşşəklərə yüklənmiş malcəhəti də alıb gedir. Neçə gün meşədə ac-susuz qalan Xanməmməd təsadüfən tapılır və yarımcan halda Qalaya14gətirilir. – Siz elə mənə gülün ki, mən qorxağam. Tuğ yolunda Ərdəbildən gəlib Tiflisə gedən karvanı da çapıb talayıb... Çox vahiməli adamdır. Yadıma düşəndə bədənim əsir. Vaqif ciddiləşdi və əndişə ilə soruşdu: – Bu adam nə yerdədir? – Axund, lap cavandır, iyirmi-iyirmi iki yaşında olar. Amma, zalım cınaqlı şeydir. Çığırdımı-adamın kələfi dolaşır... Vaqif qəhqəhə çəkib güldü: – Dil dönər, düzünü söylər! – dedi və nəzəri Xanməmməddən süzülərək Mirzə Əliməmmədin üzünə düşdü: Mirzə dodaqlarının ucla- rında doğmaq istəyən təbəssümü boğub, pərt bir halda sözü dəyişmək istədi: – Axund, xanın hüzuruna getmək çağı deyilmi? – deyə sordu. Vaqif əlini atıb, qoltuq cibindən qara qaytanlı mina saatını çıxardıb, baxdı və sonra: – Lələ! Lələ! – deyə çağırdı. – Getməliyik! – dedi. Qoca nökər içəri girdi: – Ağa, nə əmrin var? – Cilovdara deyinən, atları çəksin! – Baş üstə ağa! Nökər getdi və bir-iki dəqiqədən sonra atların hazır olduğunu xəbər verdi. Qalxdılar. Vaqif çuxasının qollarını çəkib biləyinin üstündə düymələdi. Çıxdılar. Başmaqları artırmada qapının ağzında cərgə ilə cütlənmişdi. Geyib, daş pilləkənlə həyətə endilər. İri tut ağacının altında iki gümüş sinəbəndli, gözəl yəhər – əsbablı at yedəkdə durmuşdu. Cilovdarlar əvvəl Mirzə Əliməmməd ağanın, sonra da Vaqifin atını irəli çəkdilər. Xanməmmədin atı yox idi. O onlardan əvvəl yola düşdü. Vaqiflə Mirzə Əliməmmədi iki cilovdar və iki də çiyinlərində zinpuş tutmuş nökər təşyi edirdi. 3 Vaqiflə Mirzə Əliməmməd sarayın geniş kallayısına15girdikdə orada böyük izdiham gördülər. Şəhərin bütün əyan, əşrəf və əsnafı burada idi. Yuxarı başda üzərində rəngin şüşələrdən naxışlar yapılmış pəncərənin qapısındakı qiymətli xalılar döşənmiş taxtın üstündə Qarabağ hökmdarı İbrahimxəlil xan əyləşmişdi. Ətrafını dəbdəbə ilə geyinmiş ağalar, bəylər, əyan və əşraf bürümüşdü. Xanın qayınatası Məlik Şahnəzər, Kələntər Ağası bəy, erməni keşişi Ohan, ağ sarıqlı şəhər qazısı və yaşıl əmmaməli bir-iki seyid də burada oturmuşdu. Kallayının aşağı hissəsi tacir və əsnaf ilə dolmuşdu: bunlar divar boyu döşənmiş ipək döşəkçələr üstə dizi üstə ədəblə oturmuş və bir kəlmə belə danışmırdılar. Vaqif ilə Mirzə Əliməmməd ağanı görcək bütün məclisdəkilər dik ayağa qalxdılar. Müstəsna olaraq xan ilə vəliəhdi-səltənəti olan böyük oğlu Məmmədhəsən ağa ayağa durmadılar, lakin yeni gələnlərin yuxarı buyurmalarını əllərilə işarə etdilər. Vaqif ilə Mirzə Əliməmməd xalqa təzim edə-edə yuxarı başa keçib, göstərilən yerdə əyləşdilər: Vaqif xanın sol tərəfində Mirzə Əliməmməd isə sağda, Ohan keşişin yanında yerləşdi. İbrahim xan Çingiz xanın nəvəsi Hülakü xan nəslindən olduğuna fəxr edərək sarayında da Çingiz ənənələrini yaşatmağa çalışardı. Bu ənənələrdən biri də sayğılı adamların xanın sol tərəfində oturmaları idi. Vaqifin də sol yanda əyləşdirilməsi onun sarayda qazanmış olduğu mövqeyi və hörməti göstərirdi. Yeni gələnlər oturan kimi təkrar xana, ətrafdakılara və sonra camaata baş əyərək təzim etdilər, cavab olaraq uzun papaqlar nizam ilə əyilib qalxdı. Xan bayram münasibətilə Ləmbəran qumaşından tikilmiş ağ çuxa, ağ arxalıq geymiş və başına da ağ dəri papaq qoymuşdu. Çiyninə içi samur xəzli tirmə xirqə16salmışdı. Şal qurşağından altun qəməsinin qiymətli daşlarla bəzənmiş qəbzəsi görünürdü. Yeni qonaqlar oturan kimi pişxidmət hazır oldu, bir dizini yerə qoyub çini fincanlardakı qəhvəni altun sinidən götürüb qonaqların önünə qoydu. Vaqif ətirli Yəmən qəhvəsini içərək kallayını seyr edirdi. Otağı başdan-başa tutmuş, sumağı yerli, incə haşiyəli xalının ortasına ətrafı zəncirəli tirmə süfrə salınmış, üstünə qızıl və gümüş qablarda şirni, çərəz və şərbətlər düzülmüşdü; arasıra səməni otu, zərif güldanlarda bənövşə və novruz gülü, arandan göndərilmiş alça və şəftəli çiçəkləri qoyulmuşdu. Tam süfrənin üzərindən xas boya və zərlə işlənmiş tavandan büllurlarla parlayan bir çilçıraq asılmış, qəndillərinə sarı şamlar düzülmüşdü. Aşağı və yuxarı başda eyni şəkildə, yalnız bir az kiçik iki qəndil daha asılmışdı. Yan divarlardan birisində çargül17 rəngin pəncərələr arasında zərli çərçivəli güzgülər vurulmuşdu; o birisində zərif naxışlı, əlvan qabartmalı taxçalar var idi. Taxçaların birində yaldızlı məlakə heykəlli bir firəng saatı, o birilərində sədəf işləməli incə mücrülər, yəhər-əsbablar, çini kasa və boşqablar və əlvan cildli qiymətli kitablar qoyulmuşdu. Taxtın arxası Kəşmir şalları, Iran xalıları altun və gümüşə tutulmuş silahlar: qalxan, qılınc, qəmə, zireh, dəbilqə, tüfəng və təklülələrlə bəzənmişdi. İran şahlarından, ətraf xanlıqlardan göndərilmiş bütün hədiyyələr buraya nəsb olunmuşdu. Xanlığın sülh və rifah içində yaşadığı bir zaman idi. Nadirin qanlı keşməkeşindən sonra Kərim xan Zənd Iranda asayişi bərpa etmişdi, hələlik oradan heç bir təhlükə gözlənmirdi. Nadirin Xorasana sürdürdüyü və İbrahim xanın mənsub olduğu Cavanşir, Otuz iki, Bəhmənli elləri çoxdan qayıdıb, Qarabağ torpağına, Kür ilə Araz arasındakı doğma yurdlarında yerləşmiş, əkin-biçini, maldarlıqla məşğul idilər. Gürcüstan valisi İrakli18ilə dostluq davam edir; İrakli Qazax və Irəvanı idarə edirdi, İbrahim xanın isə hökmü Dağıstandan ta Təbrizə qədər yeriyirdi. Yalnız Quba hökmdarı Fətəli xan ona boyun əymək istəmir, Azərbaycanın şərq hissəsini – Bakını, Talışı öz nüfuzunda saxlayaraq, Qarabağa qarşı daimi bir düşmənçilik bəsləyirdi. Lakin Fətəli xan təhlükəsi İbrahim xan üçün əhəmiyyətli bir şey deyildi. Şişə qalası kimi ələ keçirilməsi qabil olmayan, uca barılar və bürclərlə əhatə olunan bir şəhərin hökmdarı Fətəli xandan qorxardımı? Bir işarəsi ilə Qaradağ, Xoy, Naxçıvan, Şəki xanları köməyinə qoşulur; qaynı Ömər xan Avarıstandan on beş min igidlə tərpənir... Siyasi vəziyyətin beylə əlverişli olması ipək püştələrə söykənmiş xanın dolğun, sərt və məğrur çöhrəsində ifadə olunmuşdu. O, qəlyanın kəhrəba neypuşunu dodaqlarından ayırmayaraq nəşə ilə çəkir və bayram məclisini fərəhlə seyr edirdi. Bu əsnada Xanməmməd içəri girdi. Salam verib aşağı tərəfdə özünə yer axtardı. Hacılardan birisi onu bir az yuxarıya öz yanına çağırdı. Xanməmməd keçib oturdu. Qəhvə gətirən pişxidmətdən bir paxlava istədi, o da boşqabı götürüb ona təqdim etdi. Bu mənzərəni seyr edən Mirzə Əliməmməd yenə sıxıldı, başını aşağıya saldı. Xan gülümsəyərək Vaqifə müraciət etdi: – Xanməmməd nə aləmdədir? Rəncidəxatir olduğumu bilir deyə gözümə görükməyir. Vaqif mülayim səslə: – İltifatına müntəzirdir, – dedi. Xan çox düşünməyərək: – Qala darğasına köməkçi versək, karı aşarmı? – dedi. – Ömrünüzə duagü olar... Əhli-əyalı çox, özü də, bizim tərəkəmə demişkən, bir az soysuzdur. – Bivecdir, əlindən zəvzəklikdən başqa bir iş gəlməz... Elə burden ora, ordan bura xəbər daşıyır. Vaqif heyfsiləndi: – Bilsəniz, Mirzə Əliməmməd onun ucundan nə qədər xəcalət çəkib, pəjmürdədil olur. Mirzə Əliməmmədin adı gəldikdə xan hörmətlə başını tərpətdi: – Bir atanın böylə də zürriyyəti olur, elə də – dedi və neypuşu dodaqlarına aldı. – Sürü axsaqsız olmaz, – atalar doğru buyurmuş. Xan Vaqifin sözlərini təsdiq edərək yenə başını tərpətdi, görünür bir söz demək istəyirdi. Lakin qazının saata baxdığını görüb susdu. Qazı il təhvinlə beş dəqiqə qaldığını elan etdi. Hər kəs şən bir çöhrə taqınmağa çalışdı. Xalq adətincə, yeni il hansı bir əhvali-ruhiyyə ilə qarşılansa idi, eyni əhvali-ruhiyyə ilin sonuna qədər davam edərdi. Odur ki, üzlər gülümsəyir, qəmi-dərdi unutmağa çalışırdılar, gözlər süfrəyə, bolluğa və gül-çiçəyə dikilirdi. Xan üçün incə oymalı səndəl üstündə ceyran dərisində yazılmış qədim bir quran qoyulmuşdu; xan və ətrafındakılar yeni ili ayəyə baxaraq qarşılamaq istəyirdilər. Bir-iki dəqiqə davam edən dərin sükutu top atəşləri pozdu: il dəyişilirdi. Hamı yerindən qalxdı, sıra ilə xana və əyanlara yaxınlaşıb təbrik etdi. 4 Günortadan sonra şəhərin bütün əhalisi Cıdır düzünə tərəf axışmağa başladı. Rəngbərəng geyinmiş qadınlar, çocuqlar; barmaqları xınalı, saqqalları səliqə ilə vurulmuş kişilər, birçəkləri və kəkilləri daranıb, düzənmiş gənclər bir-birinə qarışmışdı. Ağaların zoğalı, tacirlərin və əsnafın abı, yaşıl və qara çuxaları qəribə bir mənzərə təşkil edirdi. Bu bayram qiyafələrinə bir də cahılların xaşmaş şalvarlarının xışıltısı, sazların dınqıltısı əlavə edilərsə, mənzərə daha aydın olar. Hələ atlıların sayı-hesabı yox idi. Şöhrəti aləmə yayılmış Qarabağ atları, bayram gününün sınaq günü olduğunu bilirmiş kimi, başlarını yan tutaraq səyirdir, xınalı yallarını günəşdə cilalayırdılar. Qalanın bütün dilavərləri: türk el və uluslarının igid oğulları, qumuq və Avarıstan qoçaqları Cıdır düzünə qoşurdu. Şəhərə hakim bu geniş döş qarışqa yuvası kimi qaynaşırdı. Sazlar, söhbətlər, nəşəli gülüşlər, – həzin bayatılar, yanıqlı şikəstələr bir-birinə qarışaraq, xoş bir təranə vücuda gətirir; atların kişnəməsi isə bu təranəyə mətin bir mərdlik qılığı verirdi. Birdən geniş düzün üzərindən dalğalanaraq bir şaşıltı keçdi – minlərcə adam gözlərini təpədə qurulmuş çadırlara tikərək sükuta daldı. Dəbdəbəli bir qafilə çadırlara doğru yürüyürdü. Sıra ilə gedən atlıların önlərində və yan tərəflərində piyadə pişxidmətlər və nökərlər yürüyürdü. Ön atdakı İbrahim xan idi. Solunda Vaqif, sağında Məmmədhəsən ağa gedirdi. Arxadan isə Kələntər Ağası bəy, ağalar, bəylər, bəzi erməni məlikləri. Mirzələr atlarını yavaş-yavaş sürürdülər. Qafilənin arxa cihətini zınqırovlu qatırlar tutmuşdu. Bunlara su tuluqları, qılaflı səfər qəlyanları, asma manqal, cürbəcür sursat yüklənmişdi. Qafilə çadırdan bir az kənarda dayandı; hamı atlardan düşüb çadırlara yerləşdi. Saray xanımları əvvəldən gəlib yan çadırlarda oturmuşdular. Xalq meydanı çevrələyib gözləyirdi. Şeypur çalındı, cıdır başlandı. Kiçikbəyim ağa anasının yanında oturub, böyük bir həyəcanla cıdıra tamaşa edirdi. Qoşa gələn atların biri irəli keçdimi, Kiçikbəyimin rəngi qaçır, yerində rahatlıq tapa bilmirdi. Bəzən arxada qalan atlıya acıqlanaraq, qeyri-şüuri bir halda əlini qaldırıb çadırın yaldızlı sütununa çırpırdı. Budur, incə belli bir qumuq yalın xəncərini ağzında tutaraq gəlir, çapa-çapa tüfəngi başından aşırır, atır və yenidən çiynindən asıb, xəncəri qınına qoyur. Kiçikbəyimin buğdayı üzü pörtür, nəşə ilə əllərini ovuşdurur... Otuz iki ulusundan bir gənc altındakı kəhəri yel kimi uçurur, sanki çadırlardan ilham alaraq, havaya bir pənəvat19atıb onu güllə ilə vurur... Kiçikbəyim qanadları bağlanmış quş kimi çırpınır, dərin bir həsrətlə anasının üzünə baxıb: – Anacan, – deyir: – mən də cıdıra çıxmaq istəyirəm... – Aman, qızım! Adama nə deyərlər! Kiçikbəyim yalvarıcı gözlərlə anasının üzünə baxmaqda davam edərək: – Nə deyəcəklər, at üstə böyüməmişikmi?.. Alnımın çapığı hələ də durur... – deyə şux bir əda ilə sol gözünün üstündəki incə çapığı anasına göstərdi və dəlilin qəribəliyi özünə də xoş gəlib, gülməyə başladı. Şahnisə xanım qızının üzünə qüsurdan çox yaraşıq verən bu çapığı bir ana fərəhi ilə süzdü, bir söz demədi, yalnız qaşları yuxarı qalxdı – bu narazılıq əlaməti idi, Kiçikbəyim bilirdi. Bu əsnada çadırın arxasından bir at kişnəməsi eşidildi. Kiçikbəyim ağlamsınaraq: – Görürsən, atım darıxıb, kişnəyir... Yazıq deyilmi? – deyib başı ilə anasının köksünə sığındı. Şahnisə xanım gülümsündü və qızının başını oxşayaraq sordu: – Ay qız, bir bax gör o gələn bizim Məmməd deyilmi? Kiçikbəyim həmən çevrilib dikəldi. Doğrudan da Məmməd bəy səmənd bir at belində toz qopararaq çapırdı; çuxasının arxada yellənən qolları cırcırama qanadlarını andırırdı. Cibindən pul çıxarıb, atın qulaqlarının üstündən irəli atdı, çapaçapa atdan enib pulu yerdən qaldırdı və təkrar atı minib yoluna davam etdi. Kiçikbəyimin əvvəl rəngi üzündən götürüldü, sonra qıpqırmızı oldu. Məmməd bəyin düzü başa çatdığını gördükdə dərindən bir nəfəs aldı. Özünü bir az toxdadıb: – Lələ! Lələ! – deyə çağırdı. Çadırın yanında durmuş qədimi Baba o saat hazır oldu: – Bəyim, mənə görə nə qulluğun var, başına dönüm? Bəyim cəsur bir səslə: – Lələ, nə durmusan, atım orda kişnəyir? Bu saat min çıx cıdıra! – dedi. Baba Şahnisə xanımın üzünə baxaraq gülümsədi. Şahnisə xanım gülərək: – Çıx deyir, çıx! Yenə bu qızın dəliliyi tutub, – dedi. Baba baş əyib getdi. Bir az keçməmiş Baba at üstə gəlib çaparaq keçdi və keçərkən çaxmaq daşı ilə qovu odlayıb çubuğunu alışdırdı. Çadırlardan gülüşlər qopdu. Kiçikbəyim nəşə ilə anasının qolundan yapışıb dedi: – Görürsən, qoçaq lələ arzumu gözümdə qoymadı. 5 Vaqif Qazağın Saatlı elindən idi. On səkkizinci əsrin əvvəllərində Qıraq Salahlı kəndində anadan olmuşdu. Atası qazaxlılar kimi əkin və heyvandarlıqla məşğul idi, lakin uzun illərdən bəri davam edən Osmanlı-İran müharibələri bu elin asayişini pozur, bütün əli silah tutanları sürükləyib götürürdü. Əvvəl Qazax Şəmsəddinlə bərabər Gəncə xanlığına daxil idi, sonra Gəncədə hökmdarlıq edən Ziyad uşaqları Nadirin iş başına gəlməsinə meyl göstərmədikləri üçün, Nadir Qazağı Gəncədən ayırıb Gürcüstan valiliyinə ilhaq etdi. Nadir şahın bütün səfərlərində Gürcüstan valisi Iraklı ilə bərabər qazaxlılar da iştirak etmiş və böyük igidlik göstərmişdilər. Lakin bu igidlik ağır qiymətə başa gəlirdi; xalq qırılır, ana yurdu viran qalırdı. Gürcüstana və Azərbaycana axın edən osmanlılar da bu torpaqları dəfələrlə tapdayıb keçmişdilər. Təbiidir ki, xalq bu həyatdan təngə gəlmiş, çıxacaq yolu arayırdı. Qarabağ xanlığının təşkili və Şişənin 1754-də təsisi qazaxlılara bir ümid verdi. Böyük yollardan kənar dağ başında salınmış bir qala sayəsində sülhlə keçinmək istəyirdilər. Qazaxlıların Qarabağa köçməsi bu səbəblərdən irəli gəlirdi. Vaqif də Saatlı elinə mənsub olan on yeddi ailə ilə bərabər Şişəyə köçüb şəhərin Saatlı məhəlləsində yerləşmişdi. Vaqif Şişəyə gələndə 29-30 yaşlarında idi. Təhsilini öz kəndində bitirmiş, türk və farscanı mükəmməl bilir və zamanının elmlərinə vaqif idi. Gələr-gəlməz, Saatlı məhəlləsində bir məktəb açıb dərs verməklə həyatını keçirməyə başlamışdı. Dərs mənən Vaqifi təmin etmirdi; bu sənət ona azlıq edirdi. Onda qüvvətli bir inam vardı, həm də inad idi; onun iti gözləri mühitinin hər üzünü görür, əyər-əksiklərini seçirdi. O bu mühitə nüfuz etmək, onu öz rəyinə tabe etmək istəyirdi. Lakin o zaman hələ Vaqif yalnız bir molla olaraq tanınır, bu tanınmaq da öz məhəlləsi dairəsindən kənara çıxmayırdı. Yalnız arabir gözəlləri oxşayan şeirləri şəhəri dolaşır, maraqlılar bu sözləri öz bəyazlarına yazırdılar. Buna baxmayaraq o, heç kəsi tanımayır nə tanımaq belə istəməyirdi. Öz yoxsul daxmasında oturub, mətin bir iradə ilə irəliyə baxır, heç bir ənənə ilə hesablaşmaq istəmirdi. O, doğuluş etibarilə sünni idi, lakin etiqad etibarilə qəttal sünnilərdən deyildi. O, şiə mühitində yaşayırdı. Lakin şiəliyin ikiüzlülüyü onun riyasız təbiətinə uymazdı. O, yalnız vəhdətə inanır, vəhdətin belə məntiqsizliyini sezirdi. Bir gün bir hadisə baş verdi. Bu hadisə Vaqifin gözə çarpmasına səbəb oldu. Bir çobanın istəkli bir köpəyi var imiş. Çoban itinə göz dəyməsin deyə, bir dua yazdırmaq fikrinə düşür. O, avam tərəkəmə olduğu üçün bu hərəkətin caiz olmadığından xəbərsiz idi. Çoban özü ilə bir-iki qoyun götürüb şəhərə gəlir. Dərdini rast gələn bir şəhərliyə anladır; şəhərli bu adamın xam olduğunu duyub, onu ələ salmağa başlayır. Şəhərdə avam çöllünü ələ salmaq qayda olduğu üçün bu şəhərli çobanı meydandakı qəssabın yanına göndərir. Qəssab məsələni anlayır, çobanı Şeytanbazara, bir qənnadının yanına yollayır. Yazıq çoban bazarı dörd dolandıqdan sonra lotunun birisi ona Vaqifi nişan verir. Vaqif istehzanı anlayırsa da, özünü sındırmır; o saat götürüb bu misraları yazır: Gözüm düşdü ətinə, Dua yazdım itinə, Bu sirri kim açsa, Bu çobanın... Abı və cod bir kağızda yazılmış bu “duanı” Vaqif qatlayıb çobana verir, deyir: – Əskiyə tik, bir göz muncuğu ilə bərabər as itin boynundan. Çoban gedir. Günlərin bir günü İbrahim xan ova çıxmış imiş. Ovda yorulub bir obada düşərgə salır. Bir ağacın kölgəsində yemək yeyərkən ətrafa toplaşan itlərdən birinin boynundakı duanın fərqinə varır. Kəndlinin belə xilafşər20iş tutduğuna heyrət edərək, duanı itin boynundan açdırıb oxuyur. Xan bir tərəfdən qəzəbə gəlir, o biri tərəfdən də için-için gülür. Şəhərə gələr-gəlməz eşik ağası Şahməmmədi hüzuruna çağırıb, dua yazanı tapmasını əmr edir. Şahməmməd çobanı Qalaya gətirdir, çoban da Vaqifi ələ verir. Xan divan otağına gəlir, qırmızı geymiş cəlladlar düzülür, Vaqifi gətirirlər. İbrahim xanın qızı Sənəm xanım şeir maraqlısı olduğundan Vaqifin hər bir şerini bayazına köçürürmüş. İndiyə qədər görmədiyi bu şairin gətirildiyini eşidər-eşitməz gəlib divanxana pəncərəsinin arxasından ona tamaşa edir. Arıq, lakin sağlam çöhrəli, qara xətli, parlaq və cəsur gözlü bir oğlanın divan qabağında qürurla durduğunu görür. Qara çuxalı, butalı çitdən arxalıq geymiş bu gənc sağ əlini qurşağına salıb mətin bir səslə xanın suallarına cavab verirdi. İndiyə qədər yalnız şeirlərinə məftun olan Sənəm xanım bu dəfə şairin özünə: zəkasına, hazırcavablığına, xoş simasına və məzəli danışığına da məftun olur. Vaqif xanın qəzəbli sözlərini dinlədikdən sonra xoş bir səslə başladı: Yüz iyirmi dörd min peyğəmbər keçdi, Dünyadan kim getdi dərdi-vərəmsiz, Hanı Nuşirəvan, təxti Süleyman? Dövran belə keçdi, Cəmşidi, sənsiz. Çox güvənmə qızılım var, pulum var, Puç dünyada ulusum var, elim var. Heç demirsən, ayrılıq var, ölüm var. Neçə min söhbətlər qılıblar sənsiz, Mətlubum istərəm şahi-heydərdən, Sahibi-Zülfüqar, şahi-Qənbərdən, Biçarə Vaqifi salma nəzərdən, Qul xətasız olmaz, ağa kərəmsiz! Diqqətlə şeri dinləyən Sənəm xanım həyəcanla gah şairə, gah da atasının üzünə baxırdı: xanın qəzəbli yavaş-yavaş açılışır, nəhayət, həlimləşməyə başladı. Sənəm xanımın da iztirabları kəskinliyini itirib onu ağır bir qayğıdan qurtardı. Dərin bir sükutdan sonra, xan əli ilə işarə etdi, Vaqifi buraxdılar. Vaqif azad oldu, lakin... Sənəm xanımın qəlbini əsir edib apardı. Artıq bu qəlb gecə-gündüz Vaqifin ətrafında çırpınırdı. Xan qızı bütün günü sarayın küləfirəngisinə çəkilir, pəncərədə oturub, saraydan məscidə gedən düz küçəni, rastabazarı, qərb tərəfdə itib-batmış Saatlı məhəlləsini seyr edir, Vaqifin hər bir misrasından doğan atəşi göz yaşları ilə söndürməyə çalışırdı... Bir gün Vaqif çubuqdan hörülüb, üzərinə suvaq çəkilmiş daxmasının güllüçiçəkli baxçasında dolaşarkən, tikan çəpərin arxasından keçən başı xonçalı bir uşaq ondan soruşdu: – Əmican, molla Pənah Vaqifin evi hansıdır? Vaqif heyrətlə çəpərə yanaşdı: – Buradır, necə? – dedi. Uşaq gülümsədi, bir söz deməyərək, qapını açıb həyətə girdi. Uşaq xonçanı verib, məsələni yavaşca anlatdı. Vaqifin qoca anası sevinə-sevinə xonçanı otağa apardı, oğlunu da oraya çağırıb dedi: – Ay oğul, xan qızı Sənəm xanım sənə sovqat göndərib. Vaqif gümüş nimçənin ipək örtüyünü qaldırdı: qızıl nəlbəkidə bir cüt qırmızı şaftalı göndərilmişdi. Şairin sevinci evlə bir oldu. Anası da həm sevinir, həm nisgillənirdi: – Ay oğul, – deyirdi, – xan qızından xəcalət olacayıq: xonça boş qaytarılmaz, nə göndərək ki, ona layiq olsun... – qadını fikir götürdü: – çoxdan bir cüt corab toxumuşam, yoxsa onu qoyaq? Vaqif də düşüncəyə dalmışdı. O da çıxılmaz bir vəziyyətdə idi. Qarı yenə təkliflərində davam edirdi: – Bir daraq qabı tikmişəm, şaldandır... Sandıqda bir ətrim də var, rəhmətlik atan Şirazdan gətirmişdi... Bir dabandaşımız da var, üstü də gümüşdür... öz cehizimdir, rəhmətlik baban Təbrizdən göndərmişdi... Gümanım gələn bunlardır... Vaqif bir söz deməyərək, otaqdan çıxdı. Armud ağacının altında bir palaz və üstündən də bir döşəkçə salınmışdı. Vaqif boş vaxtlarını burada oturub şeir yazardı. Qələmdanı və kağızı da həmişə döşəkçənin altında olardı. Cəld gəlib oturdu, hazırlandı və bir dizini qaldırıb kağızı üstünə qoydu. Qamış qələm davatın lığasına dəyib, mavi kağızın üzərinə çəpəki misralar tökürdü. Şeir hazır idi. Büküb şaftalı nəlbəkisinə qoydu və uşağı yola saldı. Sənəm xanım uşağın gəlməsini səbirsizliklə gözləyirdi, nəhayət uşaq qayıtdı və Vaqifin məktub yazıb, nəlbəkiyə qoyduğunu xan qızına söylədi. Sənəm xanım cəld xonçanı açdı, nəlbəkini çıxardı, örtüyü çırpdı – şairin məktubu yox idi. Xanım hirsləndi, nökəri söyüb geri göndərdi: “Get tap” – dedi. Hər yer arandı, yola, saray həyətinə baxıldı-məktub tapılmadı. Bu əsnada pişxidmətlərdən biri məktubu pilləkəndən tapıb xana vermiş, xan da qəzəblə oxuyurdu: Çox-çox əcəb qılıb Xosrovu şahım, Bir cüt bizə ləbi – şirin göndərmiş, Gözəllər bağında meyvə bəslənib, Onun bizə xoş nübarın göndərmiş. Məndən salam olsun, yetir Yəmənə, Sinəsi büllurə sədr cəhanə, Sanasan xoş gəldi nə qədər mənə; Yer üzünün simu-zərin göndərmiş. Yarəb ola o cananə kim demiş: Filanı xəstədir, meyvə diləmiş. O ki, bizə yemiş ənam eyləmiş, Vaqif ona peşkəş sərin23göndərmiş. Xan “Vaqif” sözünə rast gələr-gəlməz hirsindən titrəməyə başladı, əlini atıb, bığlarını ağzına saldı, çeynədi. Bu yaxşı əlamət deyildi. Belə hallarda mütləq qan tökülməli idi. Xanın böyük arvadı Bikə ağa bunu görüb him elədi, xanın başqa arvadları və uşaqlar otağı tərk etdi. Bikə ağa ərinin qəzəblə cırıb yerə tökdüyü kağız parçalarını ehmalca götürdü, düzüşdürüb oxudu. Zahirən acıqlı bir çöhrə takındısa da, həqiqətdə çox sevindi. Çünki Sənəm yetişmişdi, istəyəni də yox idi. Evdə qalması da yetişməkdə olan başqa qızlara mane olurdu. Yaxşı təklif olsaydı ilk əvvəl ərə verilmək haqqı onun idi, çünki o zamanlar: “Filankəs filan xanla qohum olmaq istəyir”, – deyə elçi göndərilər və qız deyil, xan nəzərdə tutulardı. Xan da saraya mənsub qızların ən böyüyünü təklif edərdi. Bikə xanım bir yetişmiş qız anası olaraq bu adət və qaydanı nəzərdə tutaraq xanın qəzəbini soyutmağa və qəlbinə yol axtarmağa çalışdı. Sovqat göndərib, məktub almağın qəbihliyini qeyd edib cavanların “beyni qan” olduğunu da ehmalca söylədi və sonra yavaş səslə: – Atalar demişkən: Qızı özbaşına qoysan, zurnaçıya da ərə gedər, – dedi və tərəddüddən sonra: – Ancaq bu Vaqif deyilən görünür, ağlı başında cavandır. Özü də savadlıdır. Xətti də yaxşıdır... Bişkindir... Xan bir az sakitləşdi: – Xətti başına dəysin! Xətti var deyibən adam başından böyük qələt elər? Xanım bu dəfə daha cürətləndi: – Xan, niyə heylə deyirsən? Elmi olandan sonra sənə də lazım olar. Yaxşı mirzə azmı lazımdır... Bir də ki, qız ağacı – qoz ağacı, hər yetən bir daş atar. Yazıb-yazıb, uzaqdan ha yazsın, yel qayadan nə aparar? Cavanlardan ağıl umularmı? Onların bu saat odlu çağlarıdır... Xan dərin bir düşüncəyə dalmışdı. Yeddi-səkkiz arvadının içində ən çox hörmət etdiyi Bikə xanımın sözləri deyəsən onun ağlına batırdı. Bikə xanım gözlərini onun üzündən çəkməyərək, yavaş-yavaş mülahizələrini ərinin fikrinə yeridirdi: – Yəni bu tanıdığımız xanların hamısının dədə-babası xan olmuşdu? Nadir şah çobanın biri deyildimi? Çingiz övladı var ki, əsir olur, zaval gedir, nökər var ki, igidlik göstərib, ağasının taxtında oturur... Başda ağıl olsun, ortalığa çıxmağa ləyaqət olsun, yerdə qalanı düzələr... Xan arvadının sözlərini kəsib, aciz bir səslə soruşdu: – Yəni deyirsən Sənəmi Vaqifə verək? Bikə xanım əsl fikrini gizləyərək: – Məsləhət özüyündür, – dedi: – ancaq ona bir mirzəlik versən, bir kağız yazdırsan, yəni kimdən geri qalar ki?.. Xan arvadının sözlərinin haqlı olduğunu anladı, lakin qəti bir cavab verməyib, yenə fikrə getdi. Vaqifin divanxanadakı cavablarını xatırladı, onun xoşrəftar, mülayim, yerində güzəştə getməsini yad edib, Vaqifə qarşı kin deyil, bir maraq bəsləməyə başladı. Nəhayət, hələ məsələni gizli saxlayaraq, Vaqifi çağırdıb, onu özünə mirzə təyin etdi. Az bir zamanda Vaqif dövlət işlərində böyük məharət göstərib, bütün sarayda hörmət qazandı və xanın ən yaxın bir dostu oldu. Bu əsnada Sənəm xanım qızlar otağında deyib-gülərkən birdən-birə ürək ağrısına tutularaq, bir neçə dəqiqənin içində uzanıb vəfat etdi. Vaqifin coşqun eşqilə qovuşa bilmədisə də, eşqilə ona yeni bir həyat qapısı açdı. Vaqifin daim üsyan edib çırpınan qəlbi yaralı qaldı. 6 Qayda üzrə cıdırdan sonra bayram bitər və saraydan dövlət adamlarına, sərkərdələrə və başqa mötəbər zatlara xələt-barat gedərdi. İbrahim xandan başqa vəlihədi Məmmədhəsən ağa da bəzi adamlara peşkəşlər göndərərdi, o cümlədən Vaqtf də təltif olunardı. Bayramın ikinci günü adət üzrə vəliəhdi ziyarət edərdilər. Vaqif yenə mirzə Əliməmmədlə atlanıb yola düşdü. Dar bir küçə ilə meydana endilər, bazar bağlı idi, lakin rəngbərəng geyinmiş xalq qaynaşırdı. Orda-burda Şirniçilər şirni satır, səlləbiçilər yenicə qalaylanmış iri çaydanlarını sallayaraq: “Səlləbi – sinə məlhəmi!” – deyə bağırır, qırmızı fitənin üstündən bellərinə bağlanmış yarı dairəvi qutudakı fincanları cınqıldadırdılar. Bir tərəfdə dərvişlər mərəkə qurub, qəsidə oxuyur, bir az o yanda ovsunçu torbadan cürbəcür ilanlar çıxarıb boynuna, biləklərinə, belinə dolayırdı; yaşıl qədəkdən uzun arxalıq geymiş, başına on iki imam eşqinə on iki qırmızı sarıqlı sərpuş qoymuş bir sehrkar ocaqda qızmış ərsini dilinin üstünə basırdı. Vaqif gülümsünərək izdihamı yarıb, yavaş-yavaş atı sürürdü. Hamı ona salam verir, bayramını təbrik edirdi. Vaqif də xınalı barmaqlarını dodağına, sonra alnına apararaq, salamlara cavab verirdi. Meydandan çıxıb rastabazar aşağı enməyə başladılar. Çuxur məhəllənin girəcəyində erməni kilsəsinin qarşısında Ohan keşişə rast gəldilər. Vaqif və mirzə Əliməmməd atlarını saxlayıb Ohan ilə görüşdülər. Vaqif zarafatyana yumşaq və dadlı bir səslə: – Mirzə Ohan, qocalmısan deyə, yenə İsanın ətəyindən əl çəkmirsən, – dedi. Ohan çal saqqalını tərpədərək: – İsanın ətəyində kəramət olsaydı, əvvəl özünü dardan qurtarardı, – dedi. Gülüşdülər. Vaqifin gözləri daşdan tikilmiş xırda kilsəyə sataşdı: qiyafə etibarilə türklərdən heç də seçilməyən ermənilər başmaqlarını qapının ağzında çıxarıb, kilsəyə girirdilər. Kilsə damının sağ tərəfində durmuş uzun ləbbədali jamhar24öz dilində oxuyub, erməni xalqını ibadətə çağırırdı. Ağ çadralı, qırmızı şalvarlı erməni arvadları ayrı bir qapıdan kilsənin qadınlara məxsus eyvanına girirdilər. Qapıya gedən yolun o tayı, bu tayı dilənçilər və kor-şil ilə dolu idi. Vaqif: – Yəqin Məmmədhəsən ağanın qulluğuna təşrif gətirəcəksən?!-deyə atı tərpətdi. – İnşallah! İnşallah! – deyə Ohan itaətkar bir gülümsəmə ilə atlıları yola saldı. Məmmədhəsən ağanın imarəti qaya başında, Topxana və Bağrıqana baxan gözəl bir yerdə idi. Qala barısı və bürclər buradan keçib qibləyə doğru – Şahnişinə və Xəznə qayasına tərəf uzanırdı. Çoxotaqlı, geniş artırmalı, rəngin pəncərəli, ikimərtəbə imarət daşdan tikilmişdi. Darvazanın tağında bişmiş, iri kərpiclərdən naxışlar qayrılmışdı. İmarətin sol tərəfində tövlələr, anbarlar, mərəklər tikilmişdi. Darvazadan artırma pilləkəninə gedən daş döşəməli yolun üstü tənək çardağı ilə örtülmüşdü. Qonaqları nökərlər qarşılayıb içəri dəvət etdilər. Musiqi səsi eşidilirdi. Kallayıda Məmmədhəsən ağadan, bir dəstə də musiqiçidən və xanəndədən başqa kimsə yox idi. Məmmədhəsən ağa qonaqlarla görüşüb, Vaqifə sol tərəfində, Mirzə Əliməmməd ağaya da sağ tərəfində yer göstərdi, oturdular. Məmmədhəsən ağanın solğun çöhrəsində bir süstlük vardı, gözlərinin üstü də bir az şişkin idi. Sill21xəstəliyi olduğu üçün saray həkimi ona çubi-çini22verir və bu davanı içəcəyi qırx günün müddətində ruhunu yüksəltmək üçün yanında musiqi çaldırırdı. Qonaqlar içəri girəndə Məmmədhəsən ağa işarə ilə musiqini dayandırdı. Vaqif məsələni anlayıb dedi: – Ağa, süfrəniz açıq, iltifat və səxavətiniz aləmə bəllidir, dostdan heç bir şey əsirgəməzsiniz, amma zövqü... görünür, tək almaq istəyirsiniz... Məmmədhəsən ağa gülümsədi: – Dedim, baş ağrısı olmasın. Vaqif: – Əflatun musiqini ruha qida demişdir25... Musiqi dəstəsi çalğıya başladı. Vaqifin duyğuları dalğalanıb, məhzun və eyni zamanda nəşədən aşıb-daşan çöhrəsində ifadə olunmağa başladı. İncə qaşları qalxır. Gözləri süzülərək doyulmaz həyat həsrətləri saçırdı. Bu dəqiqələr o, nədənsə, şərq nağıllarındakı füsunkar şamı xatırladı. Könüldə dolaşan arzuları əmələ gətirmək üçün şamı yandırırsan, istədiyin o saat hasil olur. Indi o şam burada olaydı, sönük işığında cilvələnən sonaları, dadlı-ədalı dilbərləri seyr edəydi... Bakir xəndələr simlərin nalələrinə qarışaraq, yaralı qəlbdə əks-sədalar doğurur, ağ gərdənlərə sancılmış bənövşələr rayihəsilə damağı oxşayırdı. Musiqi və qadın meysiz, badəsiz də İnsan məst edir... Qonaqlar gəlməyə başlamışdı. Ağalar və bəylərdən başqa Şahməmməd və Xanməmməd də burada idi. Əliməmməd, Şahməmməd və Xanməmmədin doğma qardaşlar olmasına baxmayaraq, aralarında gərginlik vardı. Xanməmmədin sevilməməsi aydın idi – bu adam dəfələrlə Əliməmmədin vasitəsilə işə qoyulmuş, bacarmamışdı. Qorxaqlığı və səhlənkarlığı ilə xanın qəzəbini qazanmışdı. Şahməmməd isə, biləks, cəsur, əmrə tabe, xanın bütün qəzəblərini söndürəcək hərəkətlərə hazır olan bir adam idi. Lakin onda ifadəsi qəbul olmayan bir şey var idi ki, bu da onu sevdirmirdi: zahiri çox çirkin idi, iri çopur burnu, yoluq qaşları, xırda, sönük gözləri vardı. Səsində bir bayquş vaqqıltısı duyulurdu: danışdımı, adamı qorxu hissi qaplayırdı. Bu qorxu hər kəsə aid idi. Ölkənin aşağıdan yuxarıya heç bir təbəqə və sinfi xanınqəzəbindən yaxa qurtara bilməzdi. Bu qəzəb də Şahməmmədin vasitəsilə icra olunardı. Bir az sonra Ohan keşiş də gəlib çıxdı. Əvvəl yuxarı başla salamlaşıb, sonra üzünü məclisə çevirdi; aşağıdan hamı ilə bir-bir salamlaşarkən gözləri Şahməmmədə rast gəldi, rəngi qaçdı. Onunla üç dəfə salamlaşıb, yerində tikan üstə oturan kimi oturdu. 7 Günorta azanında qonaqlar dağıldı. Məmmədhəsən ağa Vaqifi, Mirzə Əliməmmədi və Ohan keşişi nahara saxladı. Yemək otağına keçdilər. Otağın ortasında xalının üstünə qələmkar süfrə və ətrafına ipək döşəkçələr salınmışdı. Qonaqlar oturar-oturmaz, pişxidmət aftafa-ləyən ilə hazır oldu. Əllər yuyuldu və pişxidmətin qolunun üstündəki dəsmalla silindi. O biri pişxidmətlər məcməyiləri gətirib, süfrəyə düzdülər. Hər adama bir məcməyi verildi və hər məcməyidə də bir boşqab boyanalı plov, üstündə quzu soyutması, yanında da sarımsaqlı qatıq və bağır-beyin vardı. Şirli, tünd göy rəngli bardaqlarda içinə reyhan toxumu salınmış şərbətlər qoyuldu. Başda oturan Məmmədhəsən ağa məcməyinin kənarına sərilmiş ağ, incə lavaşdan bir az kəsib qonaqlara baxdı və: “Bismillah!” – deyib yeməyə başladılar. Bir müddət sükut keçdi. Görünür, qonaqlar yeməkdən çox məmnun qalmışdılar, yalnız boşqablar yarıya yetdikdə Vaqif barmaqlarındakı düyüləri bir yerə toplayaraq: – Doğrudan da, – dedi, – hər fəslin öz yeməyi; ilin bu vaxtında boyanalı plov çox turfəndə və ləziz bir təamdır. Bizlərdə boyana hələ indi dit verir. Məmmədhəsən ağa: – Boyananı Ağdamdan göndərmişlərdi, amma heyf ki, yarısı yanmışdı, – dedi. Ohan keşiş: – Hələ körpədir, onun üçün yanmışdır, – deyə əlavə etdi. Yenə yeməyə girişdilər, arabir başlanıb kəsilən qırıq danışıqlar istisna edilirsə, nahar axıra qədər sükutla keçdi. Nəhayət, qapının ağzında əllərini döşlərinə qoyub, intizarda duran nökərlərə işarə olundu. Süfrə yığışdırıldı. Yenə aftafa-ləyən gəldi, isti su və sabunla əllər, ağızlar yuyulub silindi. Qəlyan gətirdilər. Hamıya qəhvə, yalnız Məmmədhəsən ağaya darçın çayı gəldi: soyuqluq verən düyünün vücuda gətirdiyi nəfqi darçın yox edirdi. Qəlyan çəkmə uzun sürdü və söhbət get-gedə qızışdı. Haradansa bir neçə il əvvəl Londondan gəlib Qarabağa çıxmış Yusif Əmin adlı bir erməni yada düşdü. Vaqif təəssüflə: – Heyf ki, onu görə bilmədim, deyirlər dilavər adam imiş, – dedi. Mirzə Əliməmməd mütəvaze bir ifadə ilə sözə qarışdı: – Dilavər idi, ancaq bəndənizin fikrincə bir illəti vardı. Hər sözü tüğyan idi. Xan onun barəsində çox mərdlik göstərdi. Günahlarını cahıllığına bağışladı. Ohan keşiş Mirzə Əliməmmədin sözlərini təsvib edərək: – Xan çox böyük bir nəcabət göstərdi, – dedi. – Yusif Əmin, bilirsiniz, həmədanlı idi, gedib Londonda oxumuşdu, sonra Fitilburgə26gəlir, mərdimazar əlinə keçir, öyrədib, yolundan edirlər. Deyirlər: get, erməniləri yığ, danış, de ki, müsəlmanları qırsınlar, qorxmasınlar. Biz köməyə gələcəyik. O da gəldi. Dağıstanda, Tiflisdə və buralarda bir az dolandı, erməni tacirlərindən pul yığmaq istədi. Üç kilsəyə getdi, bizim başsız patriarxdan xeyir-dua aldı... axırda gördü bir şey çıxmayacaq, itilib getdi Hindistana... Mirzə Əliməmməd yenə mülayim səslə başladı: – Yusif Əminin buraya şeytanət toxumu salmağa gəldiyini bilirdik. İrakli xanın da yanına getmişdi, üz göstərməmişdi. Xan bu məsələni mənə həvalə etmişdi. Özü ilə görüşdüm. Dedim, cəmi Azərbaycan xanlıqlarında ermənilərin sayı on min ev ola-olmaya. Bu bir ovuc xalqdan padşahlıq çıxmaz. Özləri də alverçi və əkinçi tayfadır. Tərəkəmə kimi at belində qılınc oynada bilməz... Yenə öz dediyini dedi. Deyirdi, mənim dalımda ingilis padşahı durub, toplarının zərbindən yer zəlzələ edir... Xülasə, yerindən oynatmışdılar... Ohan əsəbi bir halda: – Bu başsızlar bunu başa düşmürlər ki, ingilis və ya rus padşahının xətrinə Nuh zamanından bir yerdə yaşadığımız gor qonşumuzla pislik edə bilmərik. O padşahların kefinə yetişib, bura gəlincə bizi burda qırıblar: qurunun oduna yaş da yanır... Ohan keşişin hirsindən dodaqları titrəyirdi. O susdu, lakin erməni rəhbərlərinin cinayətkar hərəkətlərini xatırladıqca odlanırdı. Ohan burunotusunu çəkib, bir az sakit olduqdan sonra erməni xalqına rəhbərlik etməyə qalxışanların tarixçəsini anlatdı. Bu tarixçə çox qanlı və ol- duqca məntiqsiz bir şey idi. Hələ XVII əsrin sonlarında “Oriy” adlı birisi macəra və zənginlik arxasınca qoşaraq özünü Avropaya salmış, uzun illər Italiyanı, Fransanı, Almaniyanı dolaşıb, cilddən-cildə girmişdi. XIV Luiyə xidmət edən kimi, Pfals qurfürstünə də yaxınlaşa bilmişdi; çeviklik və yaltaqlığı ilə bir müddətdə Vyana sarayına yaramışdı, rəcallara erməni üsyanı vədə verib, Karlovits sülh müahidəsini Vyananının faydasına olaraq çevirmək üçün rəsmi bir vəzifə ilə İstanbula belə getmişdi. Eyni zamanda Oriy Avropa ordularına sursat satıb, zəngin olmaq məqsədini də unutmamışdı. Macəra düşgünü Oriyə bu fəaliyyət az görünür. Bu dəfə o özünü Moskvaya birinci Petronun yanına verir. Böyük bir plan təqdim edir, qurfürstüna Şərqə gedib erməniləri qurtaracaq qoşununa yol istəyir. Buna razılıq göstərilməyir. Yenə erməni üsyanı vəd edilir; casusluq, bələdçilik kimi işlərə hazır olduğunu bildirir. Bu səfər ona Vartapet Minas adlı bir erməni ruhanisi də yoldaş çıxmışdı. Petronun Iran səfəri, Astrabad sahilində bir şəhər salmaq və Hindistana əl uzatmaq fikri vardı. Bu fikir onu çoxdan məşğul edir, lakin Osmanlı və Isveç dövlətləri ilə davam edən müharibə buna mane olurdu. Hər halda Oriy kimi Şərq dillərinə vaqif olan bir adamdan istifadə etmək Petronun cahangirliyinə əlverişli idi. Oriy bu vəziyyətdən lazımınca faydalandı: əvvəla, özünə miralaylıq rütbəsi verilməsini rica etdi; sonra İrana bir rəsmi heyət göndərilməsinə müvəffəq oldu. Petro şah Hüseynə bir məktub göndərib, İranda yaşayan ermənilərin vəziyyətinin yaxşılaşdırılmasını rica etdi. Bu, bəhanə idi. Əsl məsələ Iranı öyrənmək, onun maddi və mənəvi qüvvələrini bilmək, əsgərinin, qalalarının, yollarının vəziyyətinə bələd olmaq idi. Deməli, erməni xalqı bir sıra macəraçıların vasitəsilə atəşə soxulur, ortalıqda böyük imperialistlər məqsədlərinə çatırdılar. Oriy heyəti Əjdərxan vasitəsilə İrana getdi, dönərkən Üçkilsəyə baş vurdu, erməni ruhanilərinə və məliklərinə dünyalarca vədə verib döndü. Petronu maraqlandıran məlumatlar alınmışdır, artıq İran səfərinə çıxmaq olardı. Petro bu səfəri yapdı və aldadılmış ermənilər də qonşuları ilə düşmənçilik edib, tamamilə çara bel bağladıqları yerdə, Petro Iranı və Qafqazı tərk edib çəkildi. Təbiidir ki, ermənilərin halı xarablaşdı, onlara qarşı böyük bir düşmənçilik vücuda gəldi... Uzaqdakıların xatirəsi üçün qonşularla düşmənçilik etmək təcrübəsi erməni xalqına baha oturmuşdu. Bunu Ohan gözəlcə bilir və heç vaxt xatirindən çıxarmayırdı. Hər dəfə erməni məsələsi danışılanda onun hirsindən dodaqları əsirdi. Ohan təkrar burun otusunu çəkib, bir az sakit oldu: – Pənah xan ruslarla əlaqəyə girişən erməniləri qırdırdı, kəllələrindən minarə tikdirdi, yenə bu məlunlar ayılmadı! Mirzə Əliməmməd: – Bizim xan müdara ilə dolanmaq istəyir. Yusif Əminin bizə yağı olduğunu bilirdik. Amma o, Qalaya gəldi, xan ilə görüşdü. Dedilər: xan onu öldürəcək. Amma... öldürmədi: Qonağa zaval yoxdur, – dedi. Özünə də bir at bağışladı... – Onları duz-çörək tutsun! – deyə Ohanın yenə dodaqları titrəməyə başladı. 8 Xanlıq zamanı Şişədə su qıtlığı hiss olunurdu. Şəhərdə bir neçə şirin sulu quyu vardı ki, buna da keşikçi qoyulmuşdu, növbə ilə xalqa su paylanardı. Bu yalnız bişmişə və içməyə sərf olunardı, paltar yumaq üçün ətrafdakı Xəlfəli və Daşaltı çaylarına gedərdilər. Şirin quyulardan başqa ikinci su mənbəyi Çuxur məhəllədəki Mehralıbəy bulağı idi, ancaq bu bulağın suyu şor idi. Günlərin bir günü Şişə ailələrindən biri Xəlfəli çayının qırağına düşüb, paltar yumaq tədarükündə idi. Bu ailəyə mənsub on altı-on yeddi yaşlarında bir qız çay aşağı enərək meşənin ətəklərində çırpı yığırdı. Bir də qız çay qırağı ilə gələn qarayanız, yaraşıqlı bir atlıya rast gəldi. Atlı ona yaxınlaşıb atını saxladı və əlinin arxası ilə nazik bığlarına toxunaraq: – Haralısan ay gözəl? – deyə soruşdu. Qız qıpqırmızı kəsilib yerində donub qaldı. Gözlərini yuxarı qaldırmağa cürət etməyib, oğlanın üzəngiyə söykənmiş tozlu başmağına və qıvraq sarınmış qara dolağına tamaşa edirdi. – Kimlərdənsən? Qız zorla eşidilən bir səslə: – Şərbaf Kazımın qızıyam, – dedi. Oğlan qıza müştəri gözüylə baxdı: çarqatın27altından süzülən qara telləri gül yaprağı kimi qızaran yanağına dağılmışdı; çırpı tutan əlləri yuvarlaq köksünə sığınaraq, qərib quş kimi hürkmüşdü... Qara dolaqlı oğlan atını sürüb ailəyə yanaşdı, salam verdi, salam aldı: Böyük baş yaylığı – Allah qonağı istəmirsiniz? Otun üstündə bardaş qurub oturmuş Kazım kişi yerindən qalxaraq: – Allaha da qurban olum, qonağına da! – dedi və atın başından yapışdı. Oğlan atdan düşdü, yüyənin gəmini atın ağzından çıxarıb, tapqırını boşaltdı, otlamağa buraxdı. Sonra gəlib süfrənin qırağında oturdu. Yaşmaqlı arvad qalxıb yemək gətirdi. Oğlan yeyib yavaş-yavaş danışırdı. Sözarası: – Qalada nə var, nə yox? – deyə soruşdu. – Sağlığın, təzə bir şey yoxdur. Hər yerdə qaçaq Səfərin sözü danışılır. – Nə danışırlar? – İgidliyindən, qoçaqlığından, insaflılığından. Şəhərdə bir yetimin malını əmisi vermirmiş, bunu eşidir, adam yollayıb hədələyir. O günü yetimin malı özünə çatdı. Oğlan yeyə-yeyə qulaq asır, qəlbində xoşhallanır, sevinirdi. Kazım darayı boyağından sonra əlində qalmış qırmızı rəngə baxa-baxa sözündə davam edirdi: – Deyirlər, bir kənddə əmr-məruf28bir qocanı orucunu yediyinə görə döydürür. Qoca and içir ki, azarlıyam, mənə oruc düşməz, əmrməruf qulaq vermir. Qocanın çubuq altdaca canı çıxır. Xəbər Səfərə yetişir, gəlir. Kənddə divan qurur. Əmrmərufu elə qocanınca qəbrinin üstündə asdırır... Oğlan altdan-altdan Kazıma baxır: Kazımın gözləri parlayır, üzündə bir fəxr duyğusu ifadə olunur. Oğlan yeməyini bitirib, deyir: – Ay dayı, Allah çörəyini bol eləsin, süfrən həmişə açıq olsun! – Bağışla, yaxşı qulluq eləyə bilmədik, – dərvişin tapdığından. – Çox razıyam, sağ olun, Allah bu uşaqları sənə başatan versin!.. Ay dayı, bilirsən... mən Səfərin adamıyam. O səni tanıyır... Özü də sənnən qohum olmaq istəyir. Kazım yerində qurcandı, diqqətlə oğlana baxdı, utancaq bir təbəssüm üzünə yayıldı. – Açıq danışaq, ay dayı, qızını Səfərə verərsənmi? Mən sənin yanına elçiliyə gəlmişəm. Kazım yenə yerində qurcandı, arvadının üzünə baxdı, arvad bir az da yaşmandı. – Nə deyirəm, mən ondan yaxşısını ki, tapmayacağam, ancaq... axı o, qaçaqdır... Ev-eşiyi... – Kazımın dili dolaşdı. Oğlan onun fikrini anladı: – Bilirəm nə demək istəyirsən; oğlanın evi-eşiyi olmalıdır... Qorxma, qorxma, bunların hamısı düzələr... Bununla söhbət bitdi. Oğlan atın belinə atılıb, meşədə yox oldu. Bir axşam yağmurlu bir havada qapı döyüldü. Kazım çıxdı. İldırım çaxır, göy nərə vururdu. – Kimsən? – Allah qonağı. Kazım qapını açdı, qonağı evə gətirdi. Qara neft çırağının işığında oğlanı tanıdı. Görüşdülər. Onu elçi sifətilə qəbul edib. Çox hörmət etdilər. Kazım cəsarətsiz bir səslə: – Yaxşı, ay igid, – dedi, – Mənim sözüm yoxdur, amma qızın anası bir az nəmnüm eləyir... yəni onun da ərki var: əmək qoyub qız böyüdüb... – Vermək istəmir? – Yox, bir şey demir... Ancaq... deyir ki, Səfər qaçaqlığın varağasını büksün... kasıblığa qurşansın... Oğlan Kazımın sözlərini dinləyib, düşündü. Evlənmək məhək daşı imiş: İnsanın nə olduğu evlənmək istəyəndə bilinərmiş. Evlənən kəsbkar, başı aşağı olmalı imiş. Ən böyük igidlik külfəti dosta-düşmənə möhtac qoymamaq imiş. Kişiyə söysələr də, gərək qulaq ardına vursun... Oğlana Kazımın sözləri, mülahizə və fikirləri tamamilə yabançı gəlirdi. Bu yeni zehniyyət şəhər zehniyyəti idi. Oturaq həyatdan, istirahət arzusundan irəli gəlirdi... Oğlan çox götür-qoy elədi. Düşündü, daşındı, incindi, gördü geri dönməyə çarə yoxdur. – Ay dayı, – dedi. – Səfər nə desəniz, onu eləməyə hazırdır. Ancaq... Neçə adam öldürmüş bir qaçaq üzə çıxa bilərmi? Xan nə deyər?.. Kazım bir az fikrə gedib dedi: – O söz versə, dinc dursa... üzə çıxmaq asandır... Bir ildən bəri meydana çıxmış qaçaq Səfərin adı günü-gündən şöhrət tapmaqda idi. Onu Araz ilə Kür arasında tanımayan yox idi: kənddə hansı bir evə gəlsə, çörəklənib yola salınır, koxaların və məliklərin hədəsinə baxmayaraq, onu kimsə xanın əlinə vermək istəmirdi. Xalq qaçaq Səfərə şərqilər qoşmuşdu, onu igid, mərd ədalətli deyə tərənnüm edirdi. Bu məsələ dəfələrlə sarayda danışılmış, tədbirlər görülmüş, dalınca atlılar göndərirmiş, nəticədə heç bir şey çıxmamışdı. Səfər də papağını dik qoyub, aranı-dağı dolaşırdı. Səfərin özü Qılınclar oymağından olub çocuqluğunu kənddə keçirmişdi. Qışı aranda, xan torpağında keçirər, yayı isə dağa köçərdilər. Atası Qarabağ xanının Naxçıvan civarında olan bir vuruşmasında öldürülmüş, Səfər yetim qalmışdı. Kiçik bir topraqları vardı, bunun məhsulu, malcəhət, toypulu və başqa töycüləri verdikdən sonra, özlərini zorla görürdü. Səfərin atası öləndən sonra iş bir az da çətinə düşdü. Lakin yetimin çocuqluğunu oymaq nəzərə alaraq hər il iməcilik edib, onun əkininə və biçininə kömək edərdi. Nəhayət, Səfər min zəhmətlə böyüyüb həddibuluğa yetişdi və öz təsərrüfatını özü idarə etməyə başladı. Geniş ürəkli, ucaboylu, qarayanız bir oğlandı. Cıdırlarda at səyirdən, gözəl ox atan, qılınc vuran bir gənc olmuşdu. Adı ellər arasında yayılmada idi. Qızlar, gəlinlər onu görəndə için-için yanar, dilavərlər hörmət edər, qocalar isə igid və mərdliyi üçün onu çox sevərdilər. Bir gün biçin vaxtı xanın sərkarı30kəndliləri topladı – elliynən xanın taxılını biçib, çuvallara yığmalı idilər. Səfər də unudulmadı. Biçin qurtardı, dərzlər xırmana daşındı, döyməyə başladılar. Yüzbaşı dolaşıb, işləyənlərdən göz olurdu və axşamçağı işdən sonra isə dolmamış çuvallardakı buğdanı oğurlamasınlar deyə, buğdanın üstünə barmağı ilə bir xaç çəkib, gedərdi. Bir səhər küləkli gecədən sonra yüzbaşı yarımçıqçuvalları yoxlayıb, bir neçəsində xaçın pozulduğunu gördü: – Buğdanı kim oğurlayıb? – deyə gözləri hədəqəsində oynamağa başladı. Kimsədən səs çıxmadı. Yüzbaşı bir də bağırdı, sonra bir-iki adamın qolundan qaba bir surətdə dartıb: – Tanrı haqqı, gönünüzü soyduraram! – deyə təkrar bağırdı. Qolundan dartılanın biri də Səfər idi. Igidliyinə yaraşmayan bu hərəkətdən son dərəcə acıqlanıb: – Yüzbaşı, – dedi, – sənin buğdana qalmamışıq. Bir az özünü yığışdır. Yüzbaşı gözləmədiyi bu cavabdan daha da acıqlandı: – Sən xanın üzünə ağ olursan? Ağ olursan? – deyə nökəri çağırdı və Səfəri söyüd ağacına bağlayıb döydürmək istədi. Səfər nökərlərin əlindən dartınıb: – Yüyrək at özünə qamçı vurdurmaz! – dedi və dəryazı qapıb, yüzbaşıya cumdu. Səs-küy qopdu. Yüzbaşı yerə yıxılmışdı, boynundan qan fışqırırdı. Səfər də bir at belində toz qopara-qopara dərəyə tərəf qoşurdu. O gündən bu günə Səfər qaçaq olub, dağ və meşələrə düşmüşdü. Özü də yüzbaşılara, sərkarlara, əmr-məruflara düşmən kəsilmiş, fəqir-füqara iləsə çox yaxşı rəftar edərdi. Ellərdə, oba və uluslarda göründükdə onun yanına şikayətçilər gələrdi, o saat ağsaqqalları toplayıb, məsələni yoxlar – haqlının haqqını, haqsıza da cəza verərdi. 9 Kazım Vaqifin məktəb yoldaşı idi. Nadir şah zamanı müharibəyə sürüklənib, bir-iki dəfə də yaralanmışdı, karxanası dağıldığı üçün kəsbi kəsilmiş, nəhayət, Pənah xanın oğlu Mehralı bəy Şişə qalasının abadanlığı ilə məşğul olan zaman Qazax mahalından köçüb, Şişədə yerləşmişdi. Əvvəl təbrizli bir şərbafın yanında usta sifətilə işləmişdi. Sonra İrandakı qarışıqlıq nəticəsi olaraq karvan yolu kəsilib, mal qıtlığı duyulduqda, Şişə şərbaflarının əmtəəsinə tələb artmağa başlamışdı. Bu əsnada Kazım pul toplayıb xüsusi bir karxana açmış və iki otaqlıq ev tikdirib, əvvəl yaşadığı qara damı tərk etmişdi. Vaqif öz yerliləri ilə əlaqəsini kəsməyirdi. Həm gedib-gələr, həm də dərdlərinə qalardı. Odur ki, Kazım da Səfər məsələsi üçün Vaqifin yanına getdi. Lələ xəbər verən kimi Vaqif onu içəri çağırdı. Kazım başmaqlarını artırmada çıxarıb, çəkinə-çəkinə içəri girdi. Vaqif pəncərənin içində oturub, şeir yazırdı. Kazımı görər-görməz, qələmi qələmdana qoydu və mehriban səslə: – Baho, xoş gördük, həmşəhri! – deyə ona pəncərənin içində yer göstərdi. Kazım əllərini təkrar döşünə qoyub. Baş əydi, sonra dizi üstə döşəkçənin üstündə oturdu. Vaqif mehriban bir nəzərlə onu süzərək: – Səndən nə əcəb?.. – dedi və cavab gözlər bir vəziyyətdə ona baxmaqda davam etdi. – Əskik olmayasan, axund! Doğrusu, bir işə düşmüşəm... Vaqif: – Nə iş? – deyə cəld soruşdu. – Qız məsələsidir... Deyərlər: Ölmədik, kordan harayçı gəldi, Qaçaq Səfər bizim qıza elçi düşüb... Vaqif heyrətlə: – Qaçaq Səfər? – deyə sordu: – Hardan hara? – Axund heç özüm də bilmirəm. Elçi göndərib, istəyir; verim, necə verim; verməsəm də başıma bəla açacaq... Eşşəyə minmək bir ayıb, eşşəkdən düşmək də iki ayıb. – Yaxşı, bəs o bunu bilmir ki, yurdu – yuvası olmayan bir adama arvad yaraşmaz? – Elə dərd də orasındadır: öküzün inildəməkdən qarnı quruldar. Ayıblı ayıbını bilsəydi, heç dünyada ayıb olardımı? Vaqif düşüncəyə daldı, bir az sonra: – Yaxşı, mənim köməyim nədən ibarət olmalıdır? – deyə sordu. – Deyirmiş xan məni balalarının başına çevirsin, günahımdan keçsin, üzə çıxıb kəsbə qurşanım. Vaqif yenə düşündü: – Tutalım çıxdı, dələduzluğundan əl götürəcəkmi? Axı, xanla xanlıq edir: divan qurur, asır, kəsir. – And içirmiş, xanın sadiq nökəri olmaq istəyirmiş. Vaqif düşüncəli gözlərini barmağındakı əqiq üzüyə dikərək: – Burada bircə əlac var, – dedi. Və sağ əlinin çeçələ barmağındakı üzüyü hərlədi: – bircə əlac. Tehran bəylərbəyisi elçi göndərib, xan qızı Kiçikbəyimi özünə istəyir. Xan razıdır, yaxında toy olub köçürüləcək. Kiçikbəyimə ərz etməli, o da atasının qulluğunda xahişmənd olsun. Ayrılıq zamanı xanın ürəyi yumşalacaq, hər nə istəsə, yerinə yetirər. Ya da ki, Şahnisə xanımdan təvəqqə etmək lazımdır. Bu daha məqbul görünər. Elə bu gün Şahnisə xanımın qulluğuna gedəcəyəm: bu xeyir iş üçün məni məşvərətə çağırmışdır. Bu gün qulağına eşitdirərəm, görək nə deyir. Başını bir tərəfə əyib Vaqifi diqqətlə dinləyən Kazım razılıq elədi: – Başına dönüm, axund, məni dardan qurtararsan. Amma elə olmasın ki, xanın qəzəbinə tuş gəlim. Bilirsən, ilan vuran ala çatıdan qorxar, dəfələrlə tökülüb-dağılmışam. Indi Allahın mərhəməti və xanın sayəsində təzə-təzə uyuşub balalarımın ruzusunu çıxarıram. Bilmirəm, qismət bu Səfəri hardan gətirib çıxartdı. Deyir: Keçi can qeydindədir, qəssab da piy axtarır. Vaqif: – Keçi niyə can qeydindədir? – deyə güldü. Kazım əllərini ovaraq dedi: – Axund, bilirsən ki, dilə düşməkdən qorxuram. Bu zamanada dilə düşmək başa bəla açar. Ən yaxşısı: Dər rah çinan rov ke qiyamət nə konənd, Ba xəlq çinan zi ke məlamət nə konənd, Be məscid əgər rəvi, çinan rov ke tora, Dər piş nə xanənd, imamət nə konənd… Vaqif Kazımın ehtiyatkarlığına və mütəvazeliyinə29heyrət edərək, ürəkdən güldü, sonra onu arxayın edib, yola saldı. Şahnisə xanımın Dovtələb və Xəlfəli meşəsinə baxan bir otağı vardı. Divarları və tavanı naxışlı idi. Pəncərənin iç divarlarına “Leyli və Məcnun”, “Fərhad və Şirin” dastanlarının ayrı-ayrı vaqiələri təsvir olunmuşdu. Şahnisə xanımın döşəkçəsinin üstündə Fərhad külüng ilə dağı yarırdı. Vaqif içəri girəndə Şahnisə xanımı öz yerində gördü: qaravaşlardan birisi dizi üstə durub, qurama boxçanın bir ucundan tutub nə isə xanıma göstərirdi. Xanım Vaqifi görən kimi qaravaşa işarə etdi, o da boxçanı götürüb çıxdı. Vaqifin salamına cavab olaraq Şahnisə xanım gileyli bir səslə: Aşiq ( Şahnisə xanım Vaqifi zarafatla “aşiq” deyə çağırardı) gərək çağıram ki, gələsən? Axı Kiçikbəyim – mənim qızım, sənin də şagirdindir. Usta şagirdinin beləmi qeydinə qalar?.. Buyur, əyləş! Yol ilə get ki, sənə etiraz eyləməsinlər. Xalq ilə elə rəftar eylə ki, səni tənələməsinlər. Əgər məscidə gedirsənsə, elə get ki, səni Qabağa salmasınlar, səni imam (böyük) etməsinlər. Bu rübainin sətri tərcüməsi professor Əkrəm Cəfərindir (Red.). † Mütavaze – təvazölü, təvazökar Vaqif xanımın qarşısındakı döşəkçədə əyləşdi. – Haqqın var, Şahnisə xanım! – dedi. – Ancaq baş qarışıqlığı da mənzuri alinizdir. Gəncədə Məmməd xan tüğyan eləyib, Fətəli xan yenə bir-iki kəndimizi dağıdıb... Xülasə, gecə-gündüz bu xanların bir-biri ilə öcəşməsindən başımız ayazımır... – Bu əsnada Vaqifin nəzəri Şahnisə xanımın başının üstündəki Fərhada düşdü. Vaqif buna işarə olaraq, – Bax, o sənin oturduğun döşəkçədə mən oturmalı idim, – dedi. Xanım məsələni anlamayaraq: – Necə? – deyə, düşüncə içində qaldı. – Çünki Fərhadın külüngü başımızdan əskik olmaz. Xanım arxaya, Fərhadın rəsminə baxıb güldü; – Aşiq yenə bir söz tapıb düzəltdi, – dedi. – Sən elə bilirsən qız anasının halı sizinkindən yaxşıdır? Tanrı haqqı yox! Bax, Kiçikbəyim kimi bir gülü götürüb Tehrana atıram. Qürbətdə qızım necə olacaq, başına nələr gələcək... Kim bilir? Şahnisə xanım doluxsundu. Vaqif təsəlli verdi: – Bu olmadı, xanım! Sən Şahsevən dilavərlərindənsən, at belində böyümüş, döyüşlərdə bərkimiş, kişi kimi bir arvadsan... Şahnisə xanım göz yaşlarını gülgəz dəsmalla silərək: – Yox, axund. Bizim dərdimiz yerə-göyə sığmaz, – dedi. – Kaş əli qabarlı bir rəiyyət olaydım, balalarım gözümün önündə olaydı. Tehrana qız vermək əzrailə can vermək kimi bir şeydir; getdimi, bir də üzünü görməyəcəyəm... Kürəkənimi görməmişəm, kim bilir heç görəcəyəmmi? – Xanım təkrar doluxsundu və gözlərini silə-silə dedi: – Neylirəm qızıl teşti ki, içinə qan qusum?!. Bu əsnada Kiçikbəyim içəri girdi və Vaqifi görüb, utanaraq özünü itirdi. Qıpqırmızı kəsilib, salam verdi və geri döndükdə Vaqif: – Qara qız! Hara? – deyə onu çağırdı. Kiçikbəyim yerə baxa-baxa Vaqifə yanaşdı. Gülab qoxusu şairi nəşələndirdi. Xoş bir təbəssümlə şagirdini süzdü: cıqqa telləri ağ cunadan çıxıb gərdəninə toplanmışdı; süzülüb sallanan kalağayı incə vücudunun bir tərəfini tutmuş, çəhrayı çəpkəninin ancaq bir qolu görünürdü; yaxası açıq köynəkdən mərmər sinəsi baş vermişdi; geniş şalvarının ayağına inci düzülmüşdü; məxmər başmaqlarının da üstü inciyə tutulmuşdu. Əlini Vaqifə verdikdə kəhraba qolbağısı sürüşüb şairin bilənginə toxundu. Vaqif Kiçikbəyimin əlini əlindən buraxmayaraq: – Böyük qız olandan bəri daha mürşüdü yaddan çıxardın! – dedi. Kiçikbəyim qızarıb gülümsənərək: – Yaddan çıxmamısınız! – dedi. Şahnisə xanım da gülümsədi: – Heç bir gəraylın varmı ki, bəyazına yazmasın! Hər gün səsi bağı ağzına alır. Elə sənin sözlərini oxuyur. Kiçikbəyim utanıb, daha da qızardı və əlini Vaqifin əlindən qoparıb, qapıya doğru qaçdı; arxasına düzülmüş ucu əşrəfili qara saçları yelləndi. Şahnisə xanım fəxr ilə qızının arxasınca baxdı; – Dağ keçisidir! Dağ keçisi! – deyə gülümsədi. Vaqif gələndə hava qaralmışdı. Indi göy birdən gurladı, şimşək çaxıb, əyri-üyrü parlaq xətlərlə buludu qılınc kimi kəsdi, gurultudan dağlar titrədi. Şahnisə xanım kəlmeyi-şəhadət deyə-deyə qaravaşı çağırdı. Qaravaş həmən hazır oldu, pəncərənin millərini çıxarıb, aşağı endirdi. Otaq daha da qaranlıq oldu. Artıq yağış başlamışdı, qorxunc bir gurultu ilə pəncərəni qamçılayır, suyu içəri sıçradırdı. Qaravaş şam yandırıb gətirdi. Bir də göy hiddətlə gurladı, xanım yerindən dik atılaraq: – La ilahə illallah!.. – dedi və qorxa-qorxa pəncərəyə baxdı. Bir-iki dəqiqə davam edən yağışdan sonra göy açılmağa başladı. Günəş ağ bulud parçaları arasından göründü. Şamdan götürülüb, pəncərələr yenidən qaldırıldı, yaz havası ilə bərabər bülbüllərin cəhcəhi də içəri dolmağa başladı. Şahnisə xanım fərəhli bir üzlə dışarıdakı çinarların təzə, açıq yaşıl, işıldar yarpaqlarına baxdı: – Tanrının qüdrətinə şükür! Bayaqkı tufana, indiki gözəlliyə bax! Vaqif şən və məğrur bir tövr ilə başını tərpədib, xanımın sözlərini təsdiq etdi. Nəhayət, məsələyə keçdilər. Xanım Tehran bəylərbəyisinə qız vermək haqqında Vaqifin fikrini bilmək istədi: – Axı, ürəyim qızmır, – dedi: – yad ölkə, uzaq yer... Vaqif mülayim səslə: – Xan mənimlə məsləhətləşdi, dediklərinə şərik oldum. Bilirsən, bir qız bir oğlanındır... Qismət, görünür, belədir. Qızı hər adama vermək olmaz. Tehran uzaqda olsa, yenə Tehrandır... O ki qaldı ayrılığa, onun da çarəsi var: bir-iki aydan sonra gedərsən yanına, bir neçə ay qalarsan. Sonra o da gəzməyə gələr... Getdiyi adam əsil olsun, yerdə qalanı asandır. Şahnisə xanım düşünərək dinləyir, bir söz demirdi. Bilirdi ki, işin içində bir siyasət də vardır: Kərim xan Zənd ilə dost keçinmək lazımdır; ya qohum olmalı, ya zaval verməli. Pənah xan Şirazda öldükdən sonra Qarabağın orada zavalı qalmamışdı. Ortalıqda etibar olmaq üçün Kiçikbəyimin Tehrana gəlin köçməsi lazım idi. Bəylərbəyinin elçilərinə rədd cavabı vermək xanlıqla şahənşahlıq arasında soyuqluq və etimadsızlıq doğura bilərdi... Lakin qadın qəlbi bunlarla razılaşa bilmirdi. Şahnisə xanım çıxılmaz bir vəziyyətdə qalıb, nə “hə”, nə “yox” deyir, istər-istəməz axına qoşularaq tabe olurdu: – Yaxşı, təkmi göndərək, yoxsa xanzadələrdən birini qoşaq? Nə məsləhət görürsən? Vaqif düşündü: – Məncə, – dedi, – xanzadə qoşmaq lazım deyil. Kim bilir, nə ola bilər. Sabah Kərim xan başını yerə qoydu, yenə ölkə qarışacaq, hər şəhərdə bir xan baş qaldıracaq. Xanzadəni Tehrandan zaval apara bilərlər. Onda gərək Irandan nə əmr gəlsə, boyun əyək... xanlığa faydalı, ya qeyri faydalı. Şahnisə xanım qorxulu sifətlə: – Bəs qız? – dedi. – Qıza zaval yoxdur. Ondan arxayın ol!.. Söhbət uzandı. Kəbin, toy, cehiz kimi bir çox məsələlər müzakirə olunub qurtardı. Sonra Vaqif savab işlər haqqında söhbət açdı. Bir neçə qul və qaravaşın azad olunmasını təklif etdi. Qoy getsinlər, Kiçikbəyimə dua etsinlər, – dedi. Nəhayət, Səfər məsələsi ortaya çıxdı: – Kazımın qızı Telli yazıq bir uşaqdır. O da xoşbəxt olsa, Kiçikbəyimə dua edər. Xandan təvəqqə elə, Kiçikbəyim köçmədən əvvəl Səfərə rüsxət versin, üzə çıxsın: yoldan çıxmaq ayıb deyil, yola gəlməmək ayıbdır. Şahnisə xanım Kiçikbəyimi o qədər sevirdi ki, Vaqifin bütün təkliflərini qəbul etdi. 10 Sarayda toy hazırlığı gedirdi; biçilir, tikilir, kəndlərdən toy payı yığılır, gələcək qonaqların siyahısı tutulurdu. Kiçikbəyim isə özünə yer belə tapa bilmir, dərdlənib sarayı dolaşır, bağı qarış-qarış gəzir, kədərli bayatılar söyləyirdi. Qarabağın gözəl dağlarını, soyuq bulaqlarını, şən meşələrini xatırlayıb odlanırdı. Bunları bir də görəcəkdimi? At belində azad bir çocuq kimi, dərdsiz, qayğısız bir halda yenə istədiyi yerləri dolaşacaqdımı?.. Məhbəs kimi qalın divarlarla hasarlanmış Tehran sarayını gözlərinin qabağına gətirir: əndərun, birun, qısqanc xədimlər, sərt qızlar ağası... Qürbət... Kiçikbəyimin ürəyi sıxılır... nə edə bilər ki, qismət bu imiş! O qismətin yenilməzliyinə inanırdı... Taleyə boyun əyməkdən başqa çarə yox idi... Kiçikbəyim düşünür, düşündükcə də öz düşüncələrinin çıxılmazlığında dolaşıb qalırdı. Birdən ona bir mətanət gəldi, Lələni çağırıb dedi: – Lələcan, atları hazırlat, Məmməd bəyi də çağırtdır. Seyrə çıxacağam. – Baş üstə, Bəyim! Baba lələ baş əyib getdi. Belə ittifaqlarda lələ heç vaxt bəyimə söz qaytarmaz, sual belə verməzdi. Lakin Kiçikbəyimin əmrini Şahnisə xanıma söylər və onunla məsləhətləşərdi. Bu dəfə də məsələni Şahnisəyə anlatdı. Şahnisə xanım razı qalmadısa da, əngəl törətmək istəmədi: – Qoy gəzsin. Ayrılıq ağır dərddir... Atlılar şəhərin Xəlfəli qapısından çıxdılar: öndə Kiçikbəyimlə Məmməd bəy, arxada da Baba lələ, Güllü dayə və bir neçə silahlı nökər gedirdi. Diki çıxıb, döşə çatdılar. Çılpaq dağlıqlar arasından uzaqda, çayın o tayındakı meşə və mavi pəlmələrdə süslənən dağlar göründü; oradan sərin meh gəldi. Istidən pörtmüş Bəyim fərəhlə: Məmməd, – dedi, – atı tərpət görüm! Atlar götürüldü. Dumanlanan toz gəncləri qafilədən gizlətdi. Yolun ortasına bir nal qırığı düşmüşdü, Kiçikbəyim uzaqdan bunu gördü, çapa-çapa ona yaxınlaşdıqda, alıcı quş sürətilə enib nalı qaldırdı və təkrar yəhərə oturdu. Bunu görən Məmməd bəy yəhərdə ayaq üstə qalxıb, havaya bir güllə atdı. Kiçikbəyim yandan bu igid gənci süzərək çaşqın bir halda atını ona yanaşdırdı. Məmməd bəyin yanaqları qızarmış, tər alnında tumurcuqlanmışdı... Kiçikbəyimin qolu yenə eyni alıcı quş sürətilə Məmməd bəyin boynuna dolandı. Körpə dodaqlarından üç dəfə həsrətlə öpüb aralandı... İndi atları yavaş-yavaş sürüb, yan-yana gedirdilər. Heç birisi bir söz belə danışmırdı. Kiçikbəyim onu yenə yandan süzürdü: Məmməd bəyin ala gözü atın yalına dikilərək, sirli bir bəxtiyarlıq ifadə edirdi. Arxadakı atlılar əlli addımlıq bir məsafəyə çatmışdılar. Baba lələ şirin bir söhbət açmışdı, əllərini ölçərək nə isə nağıl edirdi. Kiçikbəyim çevrilib geriyə bir nəzər fırlatdıqdan sonra: – Məmməd, – dedi – iki gündən sonra əmi qızından ayrılırsan, – xiffətimi eyləyəcəksənmi? Məmməd bəy dinmədi, üzünü çevirib, Bəyimin gözlərinə baxdı və yenə utanaraq, başını aşağı saldı: kirpiklərinin arasında iri bir damla parladı. Bunu görən bəyim atına bir şallaq çəkib səyirtdi. Məmməd bəy atının yürüşünü dəyişməyərək, arxadan Kiçikbəyimi seyr edirdi: qanadlanan kəlağayı qara saçlarla bir yerdə yellənir, Bəyimi göylərdə uçan bir mələyə bənzədirdi. Bu mənzərə Məmməd bəyi oxşayır, sevindirir və eyni zamanda da ürəyində indiyə qədər duymadığı tutqun və dadlı bir kədər oyadırdı. Bəyim yalı aşıb, gözdən itmişdi, yalnız yanıqlı bayatısı eşidilirdi. Bu dağlar olmayaydı, Saralıb solmayaydı. Bir ayrılıq, bir ölüm, Heç biri olmayaydı... Qafilə Məmməd bəyə çatıb bir yerdə yamac aşağı çaya doğru enirdilər. Sol tərəfdə uca divar kimi göylərə çəkilmiş Xəznə qayası, sağda həzin şırıltılı çay, o tayda da istidən süstləşmiş meşə bürküyə bürünmüşdü. Atların ayaqlarının altından çəyirtkələr atılır, cırcıramaların səsi getdikcə artır, kəklikotu qoxusu İnsanı məst edirdi. Atlılar qayadan uçub tökülmüş daşların arasından yavaş-yavaş keçir, keçmiş əyyamdan, vuruşmalardan, igidlikdən danışırdılar. Kiçikbəyim isə uzaqda çayı keçir, arabir durub atı suvarırdı. Bəyim hamıdan əvvəl meşədəki bulağın yanında atdan düşdü. Atın cilovunu qabaq ayağına bağlayıb, otlamağa buraxdı. Sonra çınqılların arasından qaynayan çeşmədə əl-üzünü yuyub, qafiləni qarşılamağa çıxdı. Hamı gəlib atdan töküldü. Bəyim dərdli kimi görünürdü: – Mən pirə gedirəm, – dedi, – siz məni gözləyin. Ağacların arası ilə cığırla yuxarı dikləndi. Günəş xoş rütubətli meşəyə altun ləkələr yaymışdı. Kiçikbəyim fındıq və yemişan kollarını əyərək otlaq bir talaya çıxdı. Bir tərəfi quzulayıb, ot saçaqları sallanan bir təpədə iri, qol-qanadı qurumuş bir ağac vardı. Kovuşuna üst-üstə bir neçə daş qoyulmuşdu, budaqlarına cürbəcür cındırlar bağlanmışdı. Bir şaxdan xırdaca beşik asılmış, o birisinə balaca yay-ox nəsb olunmuşdu. Ətrafda ocaq yerləri görünürdü; ora-bura qoyun sümükləri tökülmüşdü. Bu – pir idi. Diləkləri olan bura gələr, diləyini pirə xatırlatmaq üçün ağacın budaqlarını əlvan cındırlar, rəngbərəng saplarla bəzərdilər; sonsuz arvadlar beşik asar, igid oğul anası olmaq istəyənlər budağa yay-ox bağlayıb gedərdilər; xəstələr bir həftəlik sursatları ilə bərabər buraya gətirilib, ağacın altında yatar, pirdən şəfa diləyərdilər... Kiçikbəyim ağacı seyr edir, lakin heç bir şey diləmək istəmirdi. Nə diləyə bilərdi? Qismət qara qanadlarını gərib onun həyat yolunu kəsmişdi. Pirə yanaşmadan dönüb getdi, yenə sızıltılı səsi meşələrə, dağlara düşdü: Aşiq diyarbədiyar, Xalın diyarbədiyar. Qoydun kamana məni, Atdın, diyarbədiyar... Məmməd bəy Kiçikbəyimin səsini eşidən kimi kədərli, dadlı duyğu yenidən onun qəlbini doldurmağa başladı. Qalxdı, utanıb qızararaq səs gələn tərəfə getdi. Bəyim xırda bir bulağın yanında oturmuşdu. Əlindəki budağın yarpaqlarını qırır, didik-didik edib suya atırdı. Kolların şaqqıltısını eşidib çöndü. Məmməd bəy göründü. Baxışları qarşıqarşıya gəldikdə, Məmməd bəy gözlərini aşağı dikib durdu, yanaqları qıpqırmızı oldu. Üzərində Kiçikbəyimin nəzərini duyaraq, xoşhallanır, eyni zamanda da, nədənsə, bir fənalıq hissi onu incidirdi. – Məmməd, bura gəl! Sənə söz tapşıracağam, – Kiçikbəyim onu səslədi. Məmməd bəy itaətkar bir halda gəlib Kiçikbəyimin yanında durdu; yenə əlini xəncərinin dəstəsinə qoyub, yerə baxırdı. – Otur! Məmməd bəy oturdu. – Sən əmi qızını belə istəyirmişsən? Məmməd bəy dinmədi, o özünü tamamilə itirmişdi. Bəyim ona sarıldı: ehtiraslı busələr gəncin dodaqlarını, yanaqlarını, gözlərini, alnını, saçını dolaşmağa başladı... Məmməd bəy ayılarkən yanındakı Bəyimi göz yaşları axıdan gördü. Şaşdı. Ona həm acıyır, həm də bu göz yaşlarına qarşı nə cür davranacağını bilməyirdi. Kiçikbəyim doyunca ağlayıb kiridi. Incə, ipək dəsmalı ilə gözlərinin yaşını silib, yaş dəsmalı Məmməd bəyə uzatdı: – Al, bunu saxla, mən yadına düşəndə onu bağrına basıb mənim iyimi alarsan... Indi dur get, mən də üzümü yuyub gəlirəm. Məmməd bəy haman ayağa durdu və getmək istədikdə Bəyim onu dayandırdı: – Bax, heç kəsə bir şey demə ha! Kiçikbəyim onu bir də süzdü və yanağını ona göstərərək dedi: – Gəl burdan öp, sonra get! Məmməd bəy cəsarətsiz bir halda əyildi, Bəyim onun başını irəli çəkdi: cürətsiz bir busə Bəyimin yanağını oxşadı. Məmməd bəy kolların arasında yox olar-olmaz Kiçikbəyim əlini qulağına qoyub, kədər saçan, incə qız səsi ilə oxudu: Mən aşiqəm, bir əl gəz, Doğra bağrım, bir əl gəz. Könülsüz xan olunca, Sevgilinlə dolan gəz!.. 11 Kiçikbəyimin toyu münasibətilə Səfərin bağışlanılması xana ərz olundu. Xan düşündü. Səfəri bağışlamaq əfkarı-ümumiyyə qarşısında acizlik göstərmək demək idi, bağışlamamaq da Şahnisə xanımın və Kiçikbəyimin sözünü yerə salmaq idi. Bu iki yolun ikisi də əlverişli olmadığı üçün, xan üçüncü bir vasitəyə müraciət etdi. Bu vasitə də həm Səfəri bağışlamaq, həm də qorxulu bir səfərə göndərərək, ondan xilas olmaq ehtimalı vardı. O zaman Quba xanı Fətəlinin bir cüt məşhur atı vardı: birinin adı Qəmər, o birininki Şahbaz idi. Fətəli xan bu atlarla fəxr edər və onları bütün Qarabağ atlarına dəyişməz deyə İbrahim xana sataşardı. İbrahim xan onsuz da Fətəli xanla düşmən idi, lakin bu at məsələsi İbrahim xana köhnə düşmənçilikdən daha böyük bir dağ olmuşdu. İndi İbrahim xanın əlinə girəvə düşdü: o Səfər vasitəsilə Qəmərlə Şahbazı oğurlatmaq istədi. Səfər bu təklifi müvəffəqiyyətlə yerinə yetirə bilsəydi, xan onu bağışlamağa və məaf etməyə belə hazır idi. Xanın rəyi Vaqif vasitəsilə Kazım kişiyə bildirildi. Kazım kişi düşündü və özözünə: “Dəryada balıq sevdasıdır”, – deyə məyus oldu. Lakin bu məyusluğunu kimsəyə bildirmədi. “Qismət necəsə, öylə də olacaq! “ – deyib, sakit oldu. Cümə günü idi. Kazım kişi istirahət günündən istifadə edərək, həyətdəki göy və çiçək ləklərinin alağını edirdi. Birdən həyət qapısı açıldı, həmən qara dolaqlı cavan içəri girdi. Bu adam bu dəfə olduqca gözəl geyinmişdi, hələ xaşmaş şalvarının xışıltısı ətrafı bürümüşdü. Görünür, dünəndən bu ziyarətə hazırlanırmış, çünki, xaşmaş şalvar bütün gecəni quyuya sallanmış olmasaydı, bu qədər xışıldamazdı. Kazım kişi sevinərək onu qarşıladı. Tut ağacının altına palaz salındı, Səfərin elçisi oturdu. Qonaq gülərək: – Hə, təzə, nə var? Eşitdim, xan zindanxanadan dustaqlar azad edib?! Kazım məyusluğunu bildirmədi: – Səfəri də bağışlayıb, xəbər verərsən. Oğlanın üzü güldü. – Ancaq... xanın Səfərə bir işi düşüb. – Nə iş? – deyə oğlan ciddiləşdi. – Quba xanının iki ayğırı var, onları gərək gətirsin. Kazım məsələni ətraflı anladıb, susdu və oğrun-oğrun oğlana baxmağa başladı. Oğlan çox düşünmədən: – O nədir ki! Kaş xanın belə qulluğu çox ola, – dedi. – Bu Səfərin əlində bir şey deyil. Gedər də, gətirər də. Kazımın gözləri bir az böyüdü: – Yəni gedər. Deyirsən?.. Gətirə bilər? – Canın da alar. Kazım qonağı ilə şirin danışarkən, qızı Telli şişə əvəzinə yağlı kağız yapışdırılmış pəncərəyə yanaşıb, qonağı seyr etdi. Qəlbinin dərinliyindən: “Kaş bu mənim nişanlım olaydı!” – deyə gəlib qulağına çatan dəruni səsdən titrədi. Yanaqlarının od tutub yanmasını duyaraq çəkilib, pəncərənin divarına söykəndi. Bu əsnada bacılığı Gülnaz içəri girdi. Bu, qonşuluqda yaşayan erməni Allahqulunun qızı idi. Gülnaz Tellini bu halda gördükdə heyrət etdi: – Tellican, nə olub? – deyə təlaşla soruşdu. Onu çəkib, pəncərənin içində oturtdu. – Ay qız nə var? Telli gülümsünərək Gülnazın qulağına nə isə pıçıldadı. Gülnaz şəhadət barmağını yumaraq dodağına qoydu: – Belə de! – deyə, pəncərədən həyətə baxdı. Qara dolaqlı oğlan ədəblə dizi üstə oturub, qəhvə içirdi. Əyri qoyulmuş çal papağının altından çıxan birçəkləri şəvə kimi işıldayırdı. İncə bığlarının ucları bir az burulmuşdu. Gülnaz üzünü Telliyə çevirdi: – Ay qız, belə nişanlısı olanın dərdi olar? Vallah, məzhəb haqqı, qəşəng oğlandı. Telli bu sözlərdən xoşhallanır, pəncərədən təkrar-təkrar oğlanı seyr edirdi. Bir az keçmiş oğlan nə danışdısa, Kazım kişi başı ilə təsdiq etdi. Yenə danışdılar, sonra oğlan ayağa durdu, xudahafizləşib getdi. Həyət qapısı örtüləndə sanki günəş batdı. Tellinin sevinci yox olub getdi. Gülnaz məsələni anladı, Tellinin çənəsini əlləyərək: – Ay qız, kefini xarab eləmə: yenə gələr, yenə görərsən, – dedi. Telli gülümsündü, lakin bu gülümsəmədə bir həsrət kədəri duyulurdu. Bu əsnada küçədən bir çığırışma səsi gəldi. Hamı küçə qapısına yüyürdü. Məhəllədə yaşayan kumuk qoşunu arasında dava olmuşdu. Əlləri xəncərli və qılınclı kumuklar iki tirə olub, bir-birinə soxulmaq istəyirdilər. Bir adam da yerə yıxılıb, qan içində çabalayırdı. Telli bu kumuk davasını çox görmüşdü və bilirdi ki, dalaşanlar arasına bir qadın girib, yaylığını ortalığa atsa, kişilər qadın örtüsündən həya edib, adət və ənənəyə görə davamı kəsərdilər. Telli özünü itirməyib, cəld yüyürdü və əlliyə qədər bir-birinə hücuma hazır olan kumukların arasına soxulub, başının güllü yaylığını yerə atdı. Bir dəqiqədə bir-birinin qanına susamış iki tərəf də geri çəkildi; xəncərlər və qılınclar qınına qoyuldu. 12 Tehran bəylərbəyisi mirzə Məmməd xan Qarabağa vəkil olaraq öz doğma qardaşını göndərmişdi. Vəkilə tapşırılmışdı ki, xeyir iş Kiçikbəyimin könlü istədiyi kimi edilsin və heç bir şey ondan əsirgənməsin. Vəkil də bütün tələbləri ödəyir, kisə-kisə əşrəfi xərcləyirdi. Əqd-nigah mərasimi olduqca təntənəli keçdi, bütün Şişə ruhanilərinə bol xələt verildi, on min əşrəfi və bir batman da pərvanə qanadı31kəbin kəsildi. Pərvanə qanadını kəbin kağızına salmaq izdivacın möhkəm olması məqsədilə edildi. Çünki ərə gedib boşanmaq böyük qəbahət sayılardı. Əqd-nigahın sabahı günü erkən gün çıxmadan, cehiz yazılma oldu. İbrahim xan da qızına verdiyi cehizlə Tehranın səxavətinə üstün gəldi. Xanın rəsmi qəbul kallayısının bir tərəfi cehizlə dolmuşdu. Baba lələ bunları bir-bir götürür, kallayıya toplanmış əyan, əşrəf və əsnafa göstərir, məhəllə mollası da mütəkkə kimi lülələnmiş, ətrafı zərli nəqşlərlə təzyin olunmuş bir neçə arşınlıq tirmə kağızına qeyd edirdi. Şeylərin siyahıya alınması bir neçə saat çəkdi; burada ev mükəlləfatına dair heç bir şey unudulmamışdı; saat qabından, daban daşından tutmuş xalı, gəbə, qab-qacaq, cins Qarabağ atları, əlvan çamaşır, qiymətli paltarlar və xəzlərə qədər, hər şey vardı. Daş-qaş, cəvahirat, altun, qadın ziynətləri, sədəflə işlənmiş bir mücrüdə idi. Ziynətlərin çoxusu Şişə zərgərləri tərəfindən qayrılmışdı. Cehizin bir qismi toy payı olaraq, kəndlərdən göndərilmişdi: top-top ləmbəran qumaşı, Ağcabədi ipəyi, Gülablı cecimləri bu cümlədən idi. Ömər xan Avarıstandan gözəl silahlar: xəncər, qılınc və gümüşə tutulmuş yəhər-əsvab göndərmişdi. Cehiz kağızı bitdikdən sonra bir çox şahid möhürlərini kağızın aşağısına və ətrafına basdı. Kişilər məsələnin rəsmi tərəfini yoluna qoyarkən, qadınlar da toya hazırlanırdılar. Kiçikbəyimi tay-tuşu ilə bərabər gəlin hamamına apardılar, sonra qaşalma və xınaqoyma oldu. Nəhayət, xoş bir saatda toy başlandı. Toy, təbii idi ki, yalnız qadınlar üçün idi; Kişi toyu Tehranda, bəy olan yerdə olmalı idi. Axşamçağı Gülablı və Abdal zurnaçıları sarayın artırmasında çalmağa başladılar. Sarayın həyəti adamla dolu idi. Bunların əksəri ya saraya mənsub, ya da toya gəlmiş xanımların nökərləri idi. Bir tərəfdə əlliyə qədər quşçu durub, qollarında gözləri tikili qızıl quşlar tutmuşdular: xam quşları səs-küyə alışdırdılar. Nökərlər əl-ələ tutuşub yallı getdilər. Yallının başçısı Baba lələ idi. Get-gedə zurnanın səsinə kənardan da adam toplanmağa başladı. Yallı bitər-bitməz artırmadan bir-iki ovuc pul atdılar. Həyətdəkilər bir-birini əzişdirərək pulu qarpışdırdılar. Günəş batana qədər bu əyləncələr davam etdi. Bundan sonra əsl toy məclisi qəbul kallayısında başladı. Yuxarı başda xanın öz ailəsinə mənsub əlliyə qədər xanım və qız əyləşmişdi, yan divarlar boyu isə əyan, əşrəf və əsnaf arvad və qızları oturmuşdular. Yüzlərcə şamlar yanırdı. Sazəndələr tamam-dəstgah çalır, xanəndələr oxuyurdu. Həzin hava kimisini kədərləndirir, kimisini coşdururdu. Başdan-ayağa ağ geyinmiş Kiçikbəyim tay-tuş qızlarla oturub, dərin bir sükuta dalmışdı, ancaq bəzən xanəndənin həssas sözləri onu sarsıdırdı; o, köksünü ötürərək, incə dəsmalı ilə gözlərini silirdi. Yoldaşları ona təsəlli verirdisə də, bu təsəllilər onun kimsəyə bəlli olmayan dərdi qarşısında heç mənziləsində idi. Sonra də aşıq məclisi başlandı. Gülablı və Abdal aşıqları sədəfə tutulmuş sazlarını dınqıldadaraq qoşa-qoşa kallayının bu başından o başına gedir: gah durub bayatı deyir, gah süzürdülər. Aşıqların el sinəsindən qopan sevgi, həsrət, ayrılıq kimi hissləri, oxşayan sözləri hər kəsi coşdurur, bütün varlığını sarsıdırdı. Kiçikbəyim daha da kədərlənirdi. Onun qəlbində qəribə duyğular oyandı. Musiqi ona böyük olmaq, qəvi olmaq arzusu bağışlayırdı. Eyni zamanda başqa bir duyğu dalğalanaraq bu qəviliyi qırır, yerində acı, sönük bir kölgə qalırdı. Belə dəqiqələrdə Bəyim qalxıb oturduğu vəziyyəti dəyişir və köks ötürürdü. Oyunlar Bəyimi qismən bu kədərli vəziyyətdən qurtardı; oynaq “Uzundərə”, “Rəng”, “Innabı”, “Tərəkəmə”, “Ağabala rizayisi” kimi havalar məclisə bir nəşə gətirdi. Qarabağ gözəlləri oyuna girişdilər. Üstünə inci düzülmüş məxmər başmaqlar zərif xalıların üstündə quş kimi səkməyə başladı. Süzülən qara gözlər, incə hərəkətli ağ biləklər, nazlı barmaqlar hər kəsin nəzərini özünə cəlb etmədə idi. Bu nəfis rəqslərdə nə qədər gözəllik, nə qədər bakir hiss ifadələri vardı. Bir qız rəqsi bitirdikdə, o birisi onu əvəz edirdi, biri-birindən gözəl, biri-birindən cazibəli idi; hərəsinin də başqa bir əda, başqa bir oynayışı vardı. Kiçikbəyim artıq yerində sakit dura bilməyirdi; nəşə onu qaplamış, məclisin ortasına çəkirdi. Birdən onun qəlbindən xəbər verən bir səs: – Gəlin oynasın! Gəlin oynasın! – deyə eşidildi. Səsə başqa səslər də qoşuldu. Ortalıqda oynayan iki qız süzə-süzə Kiçikbəyimin qarşısına gəldi, incə əllərinin, yaraşıqlı başlarının xoş hərəkətləri ilə Kiçikbəyimi oyuna dəvət edirdilər. Bəyim durdu. Bütün məclis susdu. Hamının gözü gəlinə dikilib qaldı. Titrək əli ilə gərdəninə sığınmış tellərinə toxundu; buğdayı rəngi qızarmışdı; hər addımında həyəcanı duyulurdu. Oyuna girdi: At belində çevik olan Bəyim, burada da eyni çevikliyi göstərdi; hər hərəkəti zərif və incə idi. Gəlinin rəqsi ilə oyun məclisi bitdi, nədimlər məclisi başladı. Məclisin hər başında bir nədim oturub güvəng oyunu başladı. Bu adi və incə bir rəqs idi, yalnız ayaqlar iştirak etməyirdi, oturaraq qollar və çiyinlər hərəkətə gətirilirdi. Güvəng bitər-bitməz, musiqi susdu, mənzum deyişmələr başladı. Nədimlər bir-birini sındırmağa çalışırdılar. Bu deyişmələr hazırcavablığın, zərifliyin yüksək nümunələri idi. Sonra növbə abdallı Nəcəfə gəldi. Bunun özünə məxsus oyunları var idi. Nəcəf başına əmmamə qoyub, molla qiyafəsi geyinmişdi. Əsnaf paltarı geymiş şagirdi ona yanaşıb, baş əydi və ondan bir dini məsələ xəbər aldı: – Axund, bir məsələ ariz olub: bir küp bal, bir küp də yağ yan-yana qoyulmuşdu; iki küpün arasında bir ölü siçan tapılıb. İndi iki küp arasında şəkk etmişik – bilmirik siçan yağa düşüb ölüb, ya bala düşüb ölüb. Çünki bala düşmüşsə, bal çölə tökülməlidir. Yağa düşmüşsə, yağ. Şərən nə etməliyik? Nəcəf loğa-loğa öskürüb dedi: – Mötəbər bir risalədə belə buyurmuşlar: iki küp arasında şəkk vaqe olsa, əsbabi-səbəb olan o xəbis kəsəyəni gərək götürüb, dodaqlarına tərəf çəkəsən və quyruğunun altını sümürəsən, bal dadı gəldi – bala düşüb, yağ dadı gəldi – demək yağa düşüb. Vəssalam, məsələ vazehdir. Camaat güldü. Kiçikbəyim uğunub getdi. Şagird Nəcəfə ikinci bir sual verdi: – Axund, – dedi, – dara düşmüşdüm, nəzir elədim ki, dardan qurtarım, ac, lüt bir zənən xeylağına beş əşrəfi nəzir verim. Səndən etibarlı kim ola bilər ki, al bu əşrəfiləri bir lüt zənən xeylağına ver. Nəcəf qızılları alıb, şagirdini buraxdı. Sonra əbasının altından bir dişi meymun çıxardı. Meymuna bir tuman, bir də gödəkcə geydirmişdi. Nəcəf meymunun paltarını soyundurub dedi: – Ey tanrının tumançaq heyvanı. Səhərdən yeməmisən, qarnın acdır, özün də zənən xeylağı, al bu əşrəfiləri, sənə nəzir deyiblər. Yenə xalq qəhqəhə ilə gülür, Nəcəf isə yeni təqlidlər çıxarmağa hazırlaşırdı. 13 Divanxana meydanından tutmuş xan sarayına qədər uzanan geniş sahə camaatla dolu idi. Sarayın darvazası qarşısında nökərlər tərəfindən qorunan yarım dairədə əlvan çullu, başları rəngin qotazlar, göz muncuqları və balıqqulaqları ilə bəzənmiş, boynu zınqırovlu dəvələr durmuşdu. Dörd-beş dəvənin üstündə Kəşmir şalına tutulmuş kəcavə vardı. Arxadakı dəvələrə məfrəşə qablanmış cehizlər yüklənirdi. Hər dəvənin örkəni şişpapaq, beli qəməli bir sarbanın əlində idi. Ətrafa toplaşan camaat bir-birini basaraq, dəvələri, bilxassə yüklənən cehizləri daha yaxından görməyə can atırdı. Atlı dilavərlər, atlarını səyirdərək arabir saraya doğru axan camaatı qamçılayıb geri qaytarırdı. Ətraf evlərin damları, artırmaları, küçə qapıları qadın, qız və uşaqla dolmuşdu. Saray divarının dibində başqa qadınlarla bir yerdə Telli ilə Gülnaz da durmuşdu. Bunların ikisi də çit çadra örtmüş və dodaqlarına qədər yaşmanmışdılar. Telli dirsəyi ilə bacılığının qoluna toxunub dedi: – Ay qız, Gülnaz, deyirəm, xoş halına Kiçikbəyim ağanın! Görəsən onun da dərdi var?! Gülnaz çiynini atdı: – Kim bilir, dərdsiz də adam olar? Qadınların bir-birini itələyib, saray darvazasına tərəf irəliləməsi bunların sözlərini yarımçıq kəsdi. Qadın dalğası bunları da sürükləyib, sarayın həyətinə saldı. Yanları çocuqlu və çocuqsuz qadınlar daş pilləkəndən artırmaya çıxırdılar. Telli ilə Gülnaz da çıxdılar. Kallayının qapısına toplanmış qadınları güclə aralayıb içəri girdilər. Yuxarı başdakı xanımlar arasında ağ geyimli, ağ duvaqlı, incə vücudlu Kiçikbəyim gözə çarpırdı. Hər tərəfində ağ duvaqlı bir yengə durmuşdu. Anası ona nə isə söyləyir, ikisi də ağlayırdı. Kiçikbəyimin gözləri büsbütün qızarmışdı, solğun çöhrəsi sınıxmış və dərin bir kədər saçırdı; alnının çapığı indi daha da çox gözə çarpırdı. Xanımlar bir-bir ona yanaşır, xeyir-dua verir, kimi əlindən, kimi üzündən öpürdü. Yetişmiş qızlar yanaşır: “Bəxtəvər olasan!” – deyib, əllərində tutduqları yaşıl saplı iynəni onun duvağına batırır, sonra yaxalarına sancırdılar: – “Mənim də baxtım açılsın “ – demək idi. Kiçikbəyim bu el adətinə riayət edərək bir söz demirdisə də, ürəyində: “Ərə getmək bəxtəvərlikdirmi?” – deyə düşünür və köksünü ötürürdü. Nəhayət, sazəndələr çalmağa başladı. Xanəndə oynaq səsi ilə oxudu: Sizdə də badam, Bizdə də badam, Yengəyə qadam, Dursun, oynasın! Sizdə də kürək, Biz də kürək, Yengəyə ürək, Dursun, oynasın!.. Yengələr tez-tez duvaqlarını arxalarına ataraq oynamağa başladılar. Məclisə bir şənlik gəldi. Yengələrdən sonra Baba lələ və dayə Gülgəz dəsmallarını sallayaraq, “ Ağabala rizayisi “ oynadılar. Sonra ikisi də Kiçikbəyimin yanına gedib, ayaqlarına yıxıldılar. Lələ ilə dayənin hönkürtü ilə ağlamalarını görən Kiçikbəyim də özünü ağlamadan saxlaya bilmədi. Şahnisə xanım da onlara qoşuldu... Tam dəstəyə yeddi saat qalmış dışarıdan bir təbil səsi eşidildi, bu karvan hazırdır demək idi. Qaravaşlar qadınları kallayıdan çıxarmağa başladı. Kallayı kənar adamdan boşaldılandan sonra, qonşu otaqlardan birisinin qapısı açıldı, İbrahim xan, Vaqif, Məmmədhəsən ağa, Ohan keşiş, Məlikşahnəzərin gənc oğlu Cəmşid, xanzadələr, o cümlədən Məmməd bəy içəri girdilər. Xan qızı ilə görüşüb, öpüşdü. Vaqif Kiçikbəyimin alnından öpdü, o birilər də görüşüb kənara çəkildilər. Gəlinin və yengələrin duvaqları aşağı salındı; üzlərinə duvağın üstündən cığcığa taxılmışdı. Bəylərbəyinin qardaşı gəlinə yanaşıb papağını çıxarıb, onun başına qoydu, öz kəməri ilə gəlinin belini toqqalayıb dedi: Qızım səni qız istərəm, Qaş-gözünü düz istərəm, Yeddi oğlan anası ol, Bircə dənə qız istərəm. Bel bağlamanın icrasından sonra Kiçikbəyimin bir qoluna İbrahim xan, o birinə Vaqif girib kallayının ortasına gətirdilər. Dörd-beş qul-qaravaş gətirib Kiçikbəyimin başına dolandırdılar, sonra onların üzlərini qapıya tərəf çevirib, kim isə: – Azadsınız! – deyə bağırdı. Saraya alışmış qul-qaravaş getmək istəməyərək hönkürüşdülər. Bu adətin icrasından sonra İbrahim xanla Vaqif Kiçikbəyimi qapıya doğru apardılar. Zurnaçılar qabağa düşüb, “Gəlin atlandı” havası çalırdılar. Qapının girəcəyinə üzüqoylu bir boşqab qoyulmuşdu. Gəlin bunun üstünə çıxıb sındırmalı və həyatda üz verə biləcək bütün dərd-bəlaya qalib gəlməli idi. Kiçikbəyim boşqabı sındırıb keçdi. Gəlinin artırmada görünməsi ətrafa toplanan əhali içində bir həyəcan doğurdu. Izdihamın üzərindən bir şışıltı dalğası keçib sakit oldu... Kəcavəli dəvələr irəli çəkilib xıxırdılmışdı. Kiçikbəyimi kəcavənin bir gözünə, yengənin birini də o biri gözünə mindirdilər. Gedəcək başqa adamlar da ikinci yengə ilə o biri kəcavələrə yerləşdilər. Dəvələr qalxdı, kədərli zınqırov səsləri ətrafa yayıldı. Kiçikbəyim duvağını qaldırıb son dəfə olaraq doğma yurduna, yaxın adamlarına bir nəzər saldı. Hər şey sanki təbii idi. Yalnız Məmməd bəyin pəjmürdə durması bir xəncər olub onun qəlbinə sancıldı. 14 Kiçikbəyim köçdükdən sonra sanki Şişə yenə adi həyat yolu ilə gedir və onun asayişini pozacaq heç bir hadisə görünmürdü. Lakin bir neçə gün sonra küçələrdə vurulan təbil və çalınan şeypur yenə təzə bir hadisə baş verdiyini xalqa bildirdi. Hər kəs küçə qapısına toplanıb, qoşunun keçməsini seyr edirdi. Kazımın ailəsi də qapıya çıxmışdı. Telli ilə Gülnaz yaşmanaraq, ləzgi və kumukların atlanmasına, şeylərinin ata, qatıra, eşşəyə yüklənməyinə tamaşa edirdilər. Qoşun içində hər sinndə adam vardı. Gülnaz Tellinin qulağına pıçıltı ilə: – Ay qız, – dedi, – bircə o çalbığ kişiyə bax, yəqin yanındakı uşaq da oğludur. – Oğludur, mən tanıyıram, görmürsən, necə oxşayır?! Kazım da Gülnazın atası Allahqulu ilə işi tərk edib küçəyə çıxmışdılar. Kazım gülərək dedi: – Ay Allahqulu, yaxşı ki, yaxamızı bu vurhavurdan qurtardıq. Yoxsa, indi gedirdik. Allahqulu istehza ilə: – Nə bilirsən, qurtarmısan? – dedi. – Gəncə xanının qoşunu çox olsaydı, indi bizi də aparmışdılar. – Axı, Gəncə xanı Məmməd xan tək deyil ki! Onun hünəri nədir İbrahim xanın itaətindən çıxa! Bir qurd yolla keçirdi, gördü dağın başında bir quzu durub. Quzu qurdu görəcəyin ona söyməyə başladı. Qurd quzuya baxdı, baxdı, sonra dedi: “Ay quzu, bu cürət sənin deyil, o dalını dayadığın dağındır”. Indi, usta Allahqulu, Məmməd xan da belədir, dalında Quba xanı Fətəli durmuşdur. Fətəli durmasaydı, bu qələti eləməzdi. Məmməd xan bir daşdı, onu İbrahim xanın ayağının altına itələyib salan var... Qoşun dəstə-dəstə, pərakəndə bir halda gəlib keçirdi. Kiminin piltəli, kiminin çaxmaqlı tüfəngi vardı. Bir çoxları qədim geyimdə: qalxan, qılınclı və zirehli idi. Nizə, toppuz, mızraq və dəbilqələr günəşdə parıldayırdı. Zəmburək32bir neçə dəvə keçdi... Allahqulu başını ehtiyatla tərpədə-tərpədə, yavaşca: – Ay usta Kazım, – dedi, – öz aramızdır, bu xanlar il uzunu bir-biri ilə dava eləyirlər, kasıb-kusub əldən gedir. Davaların hər üzünü görmüş Kazım istehzalı bir təbəssümlə: – Usta, bunlar yal davasıdır. Molla Nəsrəddin yatmışdı, gördü artırmada səsküy qopdu. Molla yorğanına bürünüb artırmaya çıxan kimi səs-küy kəsildi. Qayıtdı gəldi. Yorğanı yox idi. Arvadı soruşdu ki, a molla, o nə səs-küy idi? Dedi: arvad, bütün səs-küy mənim yorğanımın başında imiş: aldılar, dincəldilər... Indi, usta, dünyanın qilü-qalı yorğan üstədir. Indiyə qədər Gəncə İrakli xan ilə İbrahim xana bac verirdi. İndi Məmməd xan şabalıda dönüb, yağ vermir... Qoşun keçib getdi, arxasınca da bir sürü uşaq və gözü yaşlı qadın toz qopararaq yürüyürdü. Kazım ilə Allahqulu karxananın həyətinə girdilər. Orda-burda şəlitlərə əlvan rəngli darayılar sərilib, qurudulurdu. Darayıların aşağılarından damcılayan rəngli sudan gölməçələr əmələ gəlmişdi. Bir tərəfdə toyuq-xoruz tozda eşələnirdi. Darvazaya yaxın bir gavalı ağacı vardı. Ustalar əllərini yuyub gavalı ağacının altına salınmış həsirin üstündə əyləşdilər. Hava isti idi. Səhər küləyi belə əsməyirdi. Göydə üzən ağ bir bulud parçası gümüş kimi parlayırdı. Kazım buluda baxıb, tənbəl bir səslə: – Yaman quraqlıq keçir, – dedi. – Belə olsa taxıl yanıb korlanacaq. Allah rəhm eləsin! – Mollalar Daşoxunana gedib, daşa dua oxuyub bir suya salseydilər... Yadımdadır, bir dəfə getmişdilər. Elə yağış yağdı ki, islanmış cücə kimi qayıtdılar. Şagirdlərdən biri sinidə iki sac əppəyi, bir az motal pendiri, iki fincan da quluncan çayı gətirdi, ustaların yanına qoydu. “Bismillah” çəkib, yeməyə başladılar. Lığırsa33çörəyi iştahsız çeynəyərək arabir danışır, qırıq-qırıq fikirlər və mülahizələr yürüdürdülər. Bir az əmtəələrini satdıqları tacirin bədxahlığından danışdılar, sonra ticarətin dayandığından bir az şikayətləndilər. Axırda yenə dava məsələsinə keçdilər. Allahqulu yenə yavaş səslə: – Axı, alış-veriş başına nə kül töksün, mal gərək su kimi axsın ki, qazanc olsun. Karvan gedir, yolda qaçaq-quldur qabağını kəsir; hansı xanın mülkündən keçir, torpaqbasdı alırlar... Alış-verişçiyə tobalatma verirlər. Bax, bizim ermənilər urus toprağına qaçmışlar. O günü birisi Qızlar şəhərindən gəlmişdi, deyir, hamısı dövlətli olub gediblər. Çaxırçılar var ki, qızılı kürəklə kürəyirlər... Burda heç belə iş olarmı, o saat tutub əlindən alarlar... Allahqulunun qaşları yuxarı qalxmışdı, üzündə dərin bir narazılıq ifadəsi vardı. Kazım böyük bir etiqadla: – Ay Allahqulu, – dedi, – dünya malından çox danışırsan, neynirsən, goruna aparmayacaqsan ki... Sərmayeyi tu dər in cahan yek kəfən əst – ura ki, güman nist, bəri ya nə bəri34. Ay usta dövlətin də dövlət dərdi var, dünyada dərdsiz İnsan yoxdur! Azacıq aşım, ağrımaz başım – hamısından yaxşıdır: beş gün dünyanı birtəhər yola ver, get... Bizim şair yaxşı deyib: Dər hər kəsi ke, nim nanı darəd, Əz bəhre nişəst asetani darəd, Nə xademe kəs bovəd, nə məxdume kəsi Guşad bezi ke, xoş cihani darəd.41 Kazım fəlsəfəsinə məftun olduğu bu şeri Allahquluya tərcümə elədi, çox doğru olduğunu nə qədər iddia etdisə də, Allahqulunu qane edə bilmədi. Çünki Allahqulunun özünün müəyyən həyat planı vardı: o, bir gün imkan tapıb, dövlət, mal sahibi olacağına inanırdı. Bilirdi ki, Xəyyamın bu rübasini prof. Əkrəm Cəfər tərcümə etmişdir (Red.). onun ibtidai halda, min əziyyətlə vücuda gətirdiyi əmtəəni rus toprağında maşın qayırır, özü də onunkundan ucuz, onunkundan qat-qat da yaxşı olur. Belə bir maşın malını gətirib, buralarda satmaq, əvəzində bura mətaını rus toprağına aparmaq Allahqulunun başlıca arzularından biri idi. Bu əsnada Şişənin Gəncə qapısından çıxan qoşun yavaş-yavaş uzanaraq dağlıq yolları və dərələri doldururdu. Qoşunun önündə İbrahim xan, sol tərəfində Vaqif və ətraflarında xanzadələrin bəzisi və sərkərdələr gedirdi. Çoxdan səfərə çıxmamış atlar yüyəni gəmirirdilər. 15 Səfər xanın qərarını bilər-bilməz yola düşdü. Qarabağ hüdudu sayılan Kür çayını keçib Şirvan torpağında bir kənddə gecələdi. Orada təsadüfən Fətəli xanın zülmündən qaçmış bir kəndliyə rast gəldi. Onunla dostlaşdı və Quba xanlığı sərhədinə qədər ona bələdçilik eləməsini rica etdi. Kəndli razı oldu, atları minib yola düşdülər. Yolda gecələdikləri yerlərdə yeni-yeni adamlara rast gəlib xəbər tutdular. Nəhayət, gəlib hüduda yetişdilər. Kəndli irəlidəki yolları və kəndləri soraq verib qayıtdı. Səfər isə yaxın bir obada düşüb qaldı. O burada xan ilxısının dağa aparıldığını öyrəndi. Dürüst məlumat topladıqdan sonra yenə yoluna davam etdi. Nəhayət, bir axşam çağı gəlib Miraxurun düşərgəsinə çıxdı. – Allah qonağı istərsənmi? – dedi. – Allaha da qurban olum, qonağına da! – deyə Səfəri qonaq qəbul etdilər. Adət üzrə qaravaş gəlib, qonağın ayaqlarını yudu, alaçığın qarşısında altına döşək saldı, qatıq-çörək gəldi. Miraxur da onun yanında oturub söhbətə başladı. Toran yavaş-yavaş qovuşur, qürubun sumağı boyaları tutqun pəlmələrə bürünürdü. Ətrafa çökən sükutu yalnız çayın xülyapərvər şırıltısı pozurdu. Yuxu da qaranlıq kimi seçilməz bir hərəkətlə gözlərə çökür, onların işığını söndürməyə çalışırdı. Yataqlar düzüldü, hər kəs başını yastığa, mütəkkəyə söykəyib yatdı. Miraxur da alaçığa, arvadının yanına çəkildi. Gecə qaranlığa doğru qoşur, göydən sallanan minlərcə qəndillər sanki ona yol göstərirdi. Hər kəs yatmış, yalnız Səfərin gözlərinə yuxu getmirdi: Qəmər ilə Şahbazın fikri ona rahatlıq vermirdi. Arxası üstə uzanıb, ulduzlara baxır, ona elə gəlirdi ki, oradan Qəmərlə Şahbazın gözləri parlayırdı. Bəzən bu gözlər arasında Tellinin də üzüm giləsi kimi qara gözləri utancaq bir halda ona baxır, həsrətində olduğunu duydurmaq istəyirdi. Səfər yerində qurcuxur, sonra yenə gözlərini ulduzlara dikərək, qəlbinin nalələrini, fəryadlarını dinləməyə başlayırdı. Bu əsnada ehmal ayaq səsi gəldi. Xəyala dalmış Səfər bu səsə əhəmiyyət vermədi – bayğın gözləri sayrışan ulduzlar arasında dolaşırdı. Lakin yaxınlaşan tappıltı onun qulaqlarını ayıltdı – kim isə alaçığa yaxınlaşırdı. Səfər gözünün ucu ilə qaranlığı seyr etdi. Bir adam gəlib, alaçığın yanında dayandı, ətrafa diqqətlə baxıb əyildi, yerdə nə isə axtarıb, özünə tərəf çəkməyə başladı. İçəridən boğunuq bir səs gəldi, acı bir fəryad duyuldu. Səfər cəld əlini mütəkkənin altına uzadıb, xəncərini götürdü və yatağından qaplan kimi sıçradı, onun bağırtısı ildırım kimi şaqqıldadı. Alaçığın yanındakı adam toz kimi sovrularaq qaranlıqda itdi. Səfər onu təqib eləmədi, qulağını alaçığın çətənlərinə söykəyib dinlədi. Içəridən hirsli səslər eşidilirdi. Miraxurun boğunuq səsi yavaş-yavaş aydınlaşırdı: o, arvadını hədələyir, məzəmmət edirdi. Incə, qumrov kimi cingildəyən qadın səsi isə ona hücum edir, töhmətləndirirdi... Səfər gəlib yatağına uzandı. Bir-iki dəqiqədən sonra Miraxur içəridən çıxıb gəldi, mütəkkəsinə söykənmiş Səfərə tərəf əyilərək yavaşca: – Qonaq, gördün? – dedi. – Tikəm osanata düşdü. Yuxuda boğazıma kəmsik salıb, məni boğmaq istəyirdilər. Yaxşı ki, sən oyaq imişsən. Miraxur hirsindən sözünə davam edə bilmədi, Səfərin qolundan yapışıb, onu alaçıqdan kənar bir təpəyə apardı. Oturdular. Miraxur çubuğunu yandırıb, dərdini açdı. Onun gənc arvadının oynaşı varmış. Duyurmuş, tuta bilmirmiş. Bir dəfə arvadını öldürmək istəmiş, arvad and-aman eləyib, onu şübhədən daşındırmışdı. Nəhayət, Miraxuru öldürmək xəyalına düşürlər. – Qonaq! – Miraxur dedi. – Tanrı səni arvadın məkrindən uzaq eləsin! “Əyri dostdan, dost olmaz – əyridir bir damarı”... Arvadın bir damarı həmişə əyridir!.. Miraxur özünü toxdatmaq üçün çubuğa bir qullab vurdu. Üfüqə toplanan qara buludlara baxdı, köksünü ötürdü. Səfər donub qalmışdı. Miraxur sözünə davam etdi: – Sən mənim canımı qurtardın, ay qonaq, indi de görüm, sən kimsən, nəkarəsən? Biz beş qardaşdıq, dördümüz davalarda tələf olduq. İndi bircə mən qalmışam, sən mənim dünya-axirət qardaşım ol. De görüm, sənin dərdin nədir? Varımı, canımı səndən əsirgəməyəcəyəm! Səfər Miraxurun səsində bir səmimiyyət və mərdlik duyub, dərdini açdı. Başına gələnləri bir-bir söyləyib, axır məqsədini də gizlətmədi. Miraxur bir müddət susdu, sonra heyfsilənən bir səslə: – Bunların hamısı yaxşıdır, – dedi. – Ancaq... Heyf ki, sən də arvad felinə düşübsən... Gəl bu daşı ətəyindən tök! Axırı yoxdur. Atları səndən əsirgəmirəm, minək gedək... Arazı o taya keçək, Kərbəla torpağına dəxil düşək, ömrümüzü duaniyazla keçirib, cifeyi-dünyaya aldanmayaq... Səfər dinmədi. Üfüqdə kənarları qızaran qara buludlara tamaşa edərək orada məsum baxışlı Tellinin al yanağını, dağınıq qara tellərini gördü. Ürəyi kədərlə doldu. Miraxur bir az hiddətli, bir az da mehriban və minnətdar bir səslə: – Qonaq, – dedi, – ürəyinə pis fikir gəlməsin: atlar da, canım da sənin kimi mərd oğlana qurbandır. Ancaq sənə yazığım gəlir, cavansan, elə olmasın ki, mənim kimi ağsaqqal vaxtında boynuna araclıq gəlsin. Səfər dinməyirdi. Tellinin yanaqları dan yerinin qızartısından parlaq idi. Onun gözləri sönməkdə olan ulduzlara işıq verirdi. Miraxur hirsli bir hərəkətlə qalxıb getdi. Çox çəkmədi, Qəmərlə Şahbaz yəhərəsvablanıb gətirildi. – Qonaq, – dedi, – durmaq vaxtı deyil, min gedək! Cəld minib yola düşdülər. Yaxındakı çayı keçib bir söyüdlükdə dayandılar. Miraxur dedi: – Tüfəngim yadımdan çıxdı. Sən burada dur, bu saat gedim, gətirim. Miraxur öz atını da Səfərin yedəyinə verib getdi. Onun dönməsi təqribən on dəqiqə çəkdi. Səfər Qəmərin dalğalı yalını tumarlayaraq, atın alaqaranlıqda Dəməşq qılıncı kimi yarımdairə təşkil edən boynuna, qürurla dönən başına tamaşa edərək, heyran qalmışdı. O indi özünü yeri zəlzələyə gətirən Qızıl öküz belində hiss edirdi: Qəmər ona nəşəli və yenilməz bir qüdrət vermişdi. Yüyürən ayaqların tappıltısı onun nəzərini cəlb etdi: Miraxur böyürdən çıxıb, qeyzlə yerə bir şey yuvarlatdı: – Vəfasız arvadın aqibəti belə olar! – dedi, atın belinə atıldı. – Sür! Qəmər yerə atılan şeyə baxıb ürkür, fınxırırdı. Səfər də diqqətlə ora baxdı: otun arasına pərakəndə saçlı bir qadın başı düşmüşdü. 16 Səfərlə Miraxur Kürün qırağına qədər bir yerdə getdilər, orada halallaşıb ayrıldılar: Səfər Şişəyə tərəf, Miraxur isə Araza doğru getdi. Yolda Səfər təsadüfən Gəncədən zəfərlə dönən İbrahim xan qoşununa rast gəldi. Gözləri çıxarılmış Məmməd xanı üzüqoylu eşşəyə sarınmış bir halda gətirirdilər: ailəsi və qardaşı Rəhim bəy də burada idi. Yüklü ulaqlar, qatırlar, atlar ağır-ağır yürüyürdü. Gəncəni və bütün kəndlərini talayıb gətirirdilər. Səfərin altındakı at hamının nəzərini cəlb etdi. Hələ qoşun gedən yola çatmamış pişxidmətlər göndərilib, atın kimin olduğunu soruşdular. Bir dəqiqədə Səfərin adı ağızlarda dolaşdı, minlərcə göz ona dikildi. Səfəri xanın yanına gətirdilər. O, atdan düşüb baş endirdi: – Mən buyurulanı elədim, indi ixtiyar xanındır! – dedi və başını qaldırmadı. Vaqif əndişəli bir nəzərlə xana baxırdı; xanın qəzəb dolaşan üzündə mərhəmət görünməsi Vaqifi sevindirdi. Xan amiranə bir səslə: – Olmuşları igidliyinə bağışladım! – dedi, gülümsünərək Vaqifin üzünə baxdı. Orada təsvib ifadəsi görərək, daha da mərhəmətli bir səslə: – Qəməri min, muğayat ol, onu sənə tapşırıram. Səfər atın yedəyindən tutub xan və məiyyətindən uzaqlaşdı; sərkərdələri də irəli buraxıb, sonra ata mindi. İndi o, özünü dünyanın ən xoşbəxt adamı hesab edirdi: bağışlanmışdı, özü də Qəmərin belində Şişəyə, Tellinin yanına gedirdi. Yenə sevgi dalğası onu qapladı – onun yalnız qanadı yox idi. Lakin tükənməz yol bitməyirdi, dəqiqələr illər kimi uzanıb gedir, həsrət atəşi aranın yay günəşindən də dəhşətli idi, lakin həsrət sərab kimi aldadıcı da olsa, intəhasız deyil, – saatlar ağır da olsa, yenə gəlib keçirdi. Yandırıcı günəş qüruba doğru gedirdi. Nəhayət, dağların sərin küləyi əsməyə başladı, artıq şəhərə bir-iki dolama qalırdı. Çaparlar əvvəlcədən xanın gəlməsini şəhərə xəbər vermişdilər. Camaat – arvadlı-kişili, qala qapısının girəcəyindəki yamacları tutmuşdu. Bizim dostlarımız Kazım, Allahqulu, Gülnaz və Telli də orada idi. Şuşu dərəsindən toz qopdu, bir-iki çapar da at çatladaraq xəbərə gəldi. Xalq dalğalandı, yerləri çökək olanlar ayaq üstə qalxmaq istədilər. Həyəcanlı səslər: “Otursanız!” – deyə onları oturmağa məcbur etdi. Gülnaz cəld: – Ay qız, – dedi, – Telli, başını belə tutsan, mən heç bir şey görə bilməyəcəyəm. Telli gülə-gülə: – Zarafat eləmirsən ki? – dedi, Gülnazın çənəsini əllədi. Zarafata başlayan Telli başını əyib Gülnazın ağzını yamsılayırdı. Gülnaz isə onun başının üstündən aşağıya, qəbiristanlığa tərəf baxırdı. Birdən ansızın bir qışqırtı ilə: – Gəlirlər, vallah gəlirlər! – dedi. Telli cəld çevrildi. Xan məiyyəti ilə yamacı çıxırdı. Sükut ətrafı qapladı. Hamının diqqəti oraya cəlb olundu. Qoşun da görünməyə başladı. Artıq xan məiyyəti ilə bizim qızların qarşısından keçirdi: üz-gözlərinə toz qonmuşdu, günəşdən sifətləri qaralmışdı. Vaqif çevrilib, qadınlar oturan yamaca nəzər saldı, onun gözü Telliyə sataşıb dayandı. Telli qızararaq başını aşağı saldı. Xanla məiyyəti qala qapısından içəri girib yox olduqdan sonra Telli təkrar tamaşaya daldı. Bir də onun gözləri bir nöqtəyə dikilib qaldı; qan üzünə vurdu. Taqətsiz qolu ilə Gülnaza toxunub: – Ay qız! Ay qız! – dedi. – Bax o bizə gələn oğlan da buradadır. Nə qəşəng atı da var!.. Qəmərin gözəlliyi ağızdan-ağıza keçib, bütün xalqı dolaşdı, sorğu-suallar başladı. Nəhayət, süvarinin də kim olduğu meydana çıxıb ətrafa yayıldı. Telli qulağına inanmırdı; – Ay qız, Gülnaz! O hardan oldu Səfər. O, Səfərin adamıdır, Səfər deyil! – Nə deyirsən ay qız, camaatın elə hamısı yalançıdır. Qaçaq Səfər sizə gəlib deməyəcəkdi ki, mən Səfərəm... Telli gözlərini Səfərdən çəkmir və Səfərlə Qala qapısının arasındakı məsafənin yaxınlığına heyfsilənirdi... Qəmərin nallarından qopan səslər Qala qapısının tağına düşüb, cingildədi... Telli arxadan gələn əsirlər qafiləsini, əlvan geyimli əsgərləri, nizə başlarındakı qaralmış insan başlarını... görməkdən aciz idi. Onun fikri, qara gözləri və çırpınan qəlbi ancaq Səfərin yanında idi. 17 Gəncə səfəri İbrahim xanın nüfuzunu Azərbaycan xanlıqları arasında bir qat daha artırdı. Sarayda böyük şadyanalıq oldu. Xələt-barat paylandı. Şəhər çıraqban olub, toplar atıldı. Lakin bu nəşəni İranı otuz ildən bəri vəkil adı ilə idarə edən Kərim xan Zəndin ölüm xəbəri pozdu. Sarayı yenə əndişələr qapladı. İbrahim xan bu xəbəri alar-almaz Vaqifi yanına çağırdı. Sarayın otaqlarından birinə qapandılar. Burada Şərqdə törəyən övza təfsilatı ilə müzakirə olundu. Vaqif özünəməxsus soyuqqanlılıqla dedi: – İran hər iyirmi-iyirmi beş ildə bir hərc-mərclik keçirir. Deməli, Nadir şahın zühurundan əvvəlki vəziyyət təkrar başlayır. Hər şəhərdən bir xan baş qaldıracaq, müsəlman qanı su yerinə axacaq... Xan təlaş ilə: – Bunun sonu yəqin bizə də pis olacaq? – dedi və diqqətlə Vaqifin üzünə baxdı. Vaqif yüsur təsbehini aramla çevirərək: – Labüddən, – dedi, – o xərabənin keşməkeşi nə vaxt bizi yaralamamışdı ki? Nadir ölkədə sağ yer qoymadı – hər yer xərabəyə döndü. Qarabağ və Şirvan əhalisini sürüb Xorasana aparmadımı? Nə qədər adam tələf oldu... Araya sükut çökdü. Ikisi də yaxın keçmişdəki acı hadisələrin xatirəsinə daldı...Vuruşmalar, qan, yanğın. Aclıq, vəba... Fəlakətin həddihüdudu yox idi... İbrahim xan qalxıb, təkrar bardaş qurdu, ipək püştəni sol dirsəyinin altına çəkib söykəndi: – Cəhənnəm! – dedi, – heç olmasa nə oyunları var, Arazın o tayında çıxaraydılar, xətəri bizə toxunmayaydı! – Heç ola bilərmi? Bizdən itaət etmək tələb olunacaq; etsək bir dərd, etməsək iki dərd. Xan yenə iztirabını ifadə edən bəzi hərəkətlər yapır, qəlyanı çəkib, neypuşun ucunu saqqalına dayayaraq, Vaqifin üzünə baxırdı. Vaqif gülümsünərək: – Hələ ehtiyata lüzum yoxdur, – dedi. – Övzayə görə hərəkət edərik. Hələlik Tehran ilə qohumluğumuz var, bəylərbəyi ilə irsal-mərsulu35artırarıq, əhvalatdan baxəbər olub tədbir tökərik. Vaqifin sakit danışığı xana da sirayət etdi; o, bir az düşünüb, mətin səslə dedi: – Vəkilin məsləhət və təsiri-bipayani sayəsində Fətəli xan bir az həya edirdi, indi qorxuram o da tüğyan eləyə. Vaqif üzündə ikrah ifadəsi göstərərək dedi: – Fətəli xan cibindən başqasını tanımaz. O kim çox əşrəfi versə, onun havasını çalır. Dörd il bundan qabaq rus qoşununu Dərbəndə çağırmadımı? Tabasaran və Qazıqumuq mahallarını ruslarla bir yerdə yəğma etmədimi? Bu məlun dini-mübini islamın yağısıdır. Hədis var ki, Dərbəndə kafir qədəm qoysa, islamın beli qırılar. Bu məlun islamın belini öz əli ilə qırdı. – Bir qıran, bir də qırmazmı? Vaqif bir az acıqlı: – Fətəli xandan beş vaxt namazdan başqa nə desən çıxar, – dedi. – Amma güman etmirəm ki, rus qoşunu əlan gələ bilsin. Gəlmişdi, dayanmadı. Deməli, bir əngəl var ki, dayanmadı. Osmanlı dövləti ilə Yekaterina arasında sülhnamə var, yəqin rusun buralara gəlməyə haqqı yoxdur. Olsaydı, güman edirəm, Dərbənd kimi bir qaladan top-topxanasını çəkməzdi... Xan ilə Vaqif uzun-uzadı fikir yürüdüb, bəzi tədbirlər görülməsini lazım bildilər: Məmmədhəsən ağa ilə Mirzə Əliməmmədi Araz qırağına göndərib, xan ilə Vaqifin də Kür qırağına getməsi, qoşun və sursat tədarükü görülməsi qərara alındı. Xan asudə nəfəs alaraq, mina qəlyanaltıda suyu nəşə ilə guruldadaraq, yenə Vaqifə baxdı, çöhrəsində minnətdarlıq ifadəsi vardı. Pişxidməti çağırdı, o dəqiqə hazır oldu: – Qəlyanı apar! Pişxidmət ehtiyatla qəlyanı götürüb apardı. Aralı qalmış qapıda Şahnisə xanım göründü: – Yenə, ay aşiq, xanla nə baş-başa vermisiniz? – dedi, içəri girdi. Vaqif qalxıb, yerini xanıma verdi. Şahnisə xanım töyşüyərək oturdu: – Kərim xana, deyəsən, təziyə saxlamaq istəyirsiniz, – deyə rişxəndlə güldü və sonra tutularaq əndişə ilə soruşdu: – Axund, bəylərbəyinə bir şey olmaz ki? Vaqif ciddi sima ilə: – Bəylərbəyi təxt-səltənət sevdasına düşməzsə, nə olacaq ki, – dedi. Şahnisə xanım ah çəkdi və çəpgəninin pərək düzülmüş qolunu oynadaraq: – Nə bilim, görünür, tanrının qisməti belə imiş, – dedi və doluxsundu. İbrahim xan açıq pəncərədən dışarı, şəhərin günbatan tərəfini seyr edib, nə isə düşünürdü. Köçərli məhəlləsinin çubuqdan hörmə evləri, bacalarından tüstü fısqıran qara damlar, təzək qurudan arvadlar, nişanə qoyub ox atan çocuqlar, ağaclarının altında mil oynadan qısa şalvarlı bir neçə gənc bir-bir onun gözünə ilişib keçdi. Sağ tərəfdə yastı bürcün yanında Cavanşir və Otuz iki elinə mənsub əsgərlərin top ətrafına yığılıb məşq etmələri onun diqqətini cəlb etdi: sərt üzü bir az nəşələndi. Yuxarıda kol-koslu qayalıqlar, bunların da üstündə qara buludlar oynaşan qaşqabaqlı göy görünürdü... Xan bu mənzərədən düşüncə ilə ayrılaraq: – Axund, – dedi, – İrakli xana xəbər verməli, hazır olsun. Bir kağız yazarsan! – Baş üstə, xan, axşam yazıb hazırlaram. Qasid nə vaxt gedəcək? Xan cəld dedi: – Elə günü sabah! Durmaq vaxtı deyil... Nə deyirsən de, amma Fətəli xandan gözüm su içmir. – Xan düşünüb əlavə etdi: – Bir kağız da Ömər xana yaz, qoy hazır olsun. Vaqif yenə itaətkar bir halda: – Baş üstə! – deyib, xanın üzünə baxdı və bir şeylər daha dinləyərək kimi, müntəzir bir vəziyyət aldı. 18 Vaqif saqqalının xınasını yuyub qurulandı. Evə çağırılmış dəllək onu gözləyirdi. Oturdub üzü oyma naxışlı güzgünü təqdim etdi. Vaqif güzgüyə baxaraq: – Başla görək, – dedi, – usta, getməli yerim var. Dəllək qırmızı fitəni Vaqifin döşünə çəkib, uclarını çiynindən aşırdı, başını su ilə islatmağa başladı. Dəlləklər boşboğaz olan kimi bu dəllək də zəvzək idi, lakin söz torbasını açmağa bir bəhanə arayırdı. Xına məsələsi bir başlanğıc oldu. – Axund, xına çox bahalanıb, buna xan niyə bir tədbir görmür? – dedi və Vaqifin başını islada-islada əyilib onun üzünə baxdı. Vaqif dinmədi. Dəllək cavab almadıqda bir az güzəştə getməli oldu: – Amma, – dedi, – adam öləcəkdir, gərək düzünü deyəsən, bahadırsa da, əla xınadır. İnsanı sikkəyə mindirir. Vaqif yenə dinmədi. Dəllək kisəbəndindən enli ülgücünü çıxarıb qırxırdı. Biriki yerdə əli büdrəyib kəsdi, fitənin ucu ilə qanı sildikdə Vaqifin əti çimçəşdi. Lakin yenə dinmədi. Dəllək qana da bir missal çəkdi: – Kəsilən yerdən qan çıxar – deyərlər. Atalar yaxşı deyib... Vaqif dəlləyin bütün həkimanə kəlamlarına səbir edib axıradək bir kəlmə belə cavab vermədi. Dəllək başını qırxıb qurtardı, saqqalını və bığını düzəltdi, sonra fitəni götürüb artırmadan çırpmağa getdikdə, yenə də bir-iki misal çəkmək istədi. Lakin Vaqif ayağa durdu, kisəsindən bir neçə bisti36çıxarıb dəlləyə verdi və: – Usta, – dedi, – xına bahalanıb, bilirəm, əlalığı da bəlli; kəsilən yerdən də qan çıxar, bu da yerində deyilmişdir. Ancaq bir deyilmiş şey də var, onu unutdun: Qolunda var gücün, usta, Qanım olsun töycün, usta. Başımı qırxdığın yerdə, Sınaydı ülgücün, usta! Vaqif sözünü bitirib, qonşu otağa keçdi. Qızxanım balaca güzgünü pəncərəyə qoyub tellərini düzəldirdi. Gülab qoxusu otaq ilə bir olmuşdu. Pəncərənin rəngli şüşələrindən düşən işıq onun yanaqlarında min bir rəngə çalırdı. Qara gözləri öz əksindən ilham alaraq fərəhlə dolmuşdu. Ağ biləklərə kəhrəba qolbaq necə də yaraşırdı. Vaqif cecim pərdənin dalında durub, işvə və nazla səmada dolaşan bir məlakəyə baxırmış kimi onu seyr edirdi. Qızxanımı güzgüyə, pəncərəyə, işığa və bütün cahana qarşı qısqanmağa başladı. O, bir dəqiqə daha dayandı. Ona yasaq olunmuş bu gözəlliyin ahənginə uymağa ça- lışdı. Lakin özünü aldada bilmədi: acı bir kədər varlığının dərinliyində qaynayaraq, bütün vücudunu sarsıtdı. Qapını bərk örtüb, laqeyd bir halda içəri girdi. Qapının səsindən Qızxanım diksindi, ürkmüş ceyran kimi qanrılıb yana baxdı: başı araqçınlı, uzun arxalıqlı Vaqif nə isə arayırdı. Vaqif gözünün ucu ilə ona baxırdı: artıq bu Qızxanım bir dəqiqə əvvəl tellərinə sığal verən Qızxanım deyildi. Çöhrəsinin o məlakə ifadəsi əvəzində indi başqa bir ifadə vardı; bu ifadə şair qəlbinə yağı kəsilmişdi. Vaqif ehmalca: – Qızxanım, mənim çuxamı ver! – dedi, səsi qırıldı. Qızxanım da sərzənişli bir səslə: – Çuxanı neynirsən, yenə haradı səfər? – dedi. – İşim var. Mirzə Əliməmmədi görəcəyəm. – Sənin elə həmişə işin var... Kefindən düşmürsən... Vaqif işarəni anladı, pərtliyi bir qat daha artdı: – Ay Qızxanım, – dedi, – sən tanrı, onsuz da pərişan qəlbimi bir də sən qarışdırma! Çuxa istədim, dava demədim ki. Sən duvaqqapmaya gedirsən, mən ki, bir şey demirəm; sən də mənim işlərimə qarışma. Səndən xoş rəftardan başqa bir söz tələb etmirəm. Qızxanım fırıldayıb yerindən qalxdı, taxçadakı ipək boxçanı açıb zoğalı çuxanı çıxartdı. Vaqif geyinib otaqdan çıxdı və yenə gözucu arvadını süzdü: qara, ahu gözlərdə odlu yaşlar parlayırdı. Telliyə üç gün əvvəl toy olmuşdu, bu gün duvaqqapması idi. Qızxanım gələndə Telli bacılıqları ilə gərdək dalında idi. Gərdəyin də bəri tərəfində qadın qonaqları oturmuşdular. Qızxanımı hörmətlə yuxarı başa keçirdilər. Oturdu. Üzündə hələ də bir pərişanlıq vardı. Qonaqlar yavaş-yavaş gəlib yığıldılar. Məşşatə Tellinin anası ilə nə isə danışdı, sonra çıxdı. Bir az sonra əlində bir piy şam içəri girdi. Şamı bir nəlbəkidə otağın ortasına qoydu, yandırdı, sonra üzərinə üzüqoylu bir teşt çevirdi. Teştin üstünə xalça salındı, döşəklər və püştələr qoyulub, gözəl bir taxt qayrıldı, üzərinə ipək süzəni salındı. Gəlini gərdəyin dalından çıxardılar, bir qoluna məşşatə, o birinə də Gülnaz girmişdi. Başına incə bir duvaq salınmışdı. Gətirib yenicə qayrılmış taxtın üstündə oturtdular. Məşşatə bir sini noğul gətirdi: “Oğullu, qızlı olsun!” – dedi və noğulu gəlinin başından tökdü. Qonaqların hamısı tökülüşüb, noğulları qarpışdılar37. Sonra gəlinin qohumlarından bir uşaq, əlində oxlov, irəliləyib, gəlinin duvağını oxlovla cəld qaldırdı və götürüb, otaqdan qaçdı. Bir dəstə uşaq duvağı izləyərək həyətə səpildi. Duvağı aparıb barlı bir ağacın budağına atdılar. Bu adət Tellinin yeni ailə ocağı təşkil etdiyinə işarə və bu ailənin barlı – oğullu, qızlı və bərəkətli bir həyat keçirməsini diləmək demək idi... Qızxanım cürləri ilə duvaqqapmada şirin söhbətə məşğul ikən, Vaqif də Mədinənin vüsalına qovuşurdu. Mədinə sərkərdələrdən birinin arvadı idi. Bu sərkərdə İbrahim xanın İran səfərində öldürülmüşdü, Mədinə isə ayrı bir ərə getmək istəməyib, dul oturmuşdu, xırda bir mülkünün gəliri ilə dolanırdı. Çocuğu olmadığı üçün bütün fikir-zikrini özünə vermişdi, həmişə səliqə ilə geyinər, xoş həyat keçirərdi. Otuz-otuz beş yaşına baxmayaraq, daim gənc və nəşəli idi. Onun mehribanlığı, zarafatı, qonaqsevərliyi, hazırcavablığı Vaqifi məftun edərdi. Siması da şair qəlbini məst edəcək qədər gözəl idi. Dolğun, qırmızı dodaqları, sədəf dişləri, qısa və düz qaşları, qonur, müdrik gözləri, ağ, bədirlənmiş üzü olduqca xoş və cazibəli idi. Bunların hamısına da sözlə ifadə olunmaz bir duzluluq və yaxışaqlıq əlavə olunarsa, Vaqifin uğrun vüsallarının mənası aydın olar. Mədinə həmişəki kimi Vaqifi Topxanaya baxan bəzəkli pəncərənin içində oturtdu. Vaqif gülərüzlü Mədinəyə həsrətlə baxaraq: Yenə məni yanar-yanar odlara Dağılmış ayrılıq saldı, sevdiyim... – dedi, gözlərindən od parladı. Pəncərənin Mədinəyə tərəf açıq tayından sarı-yaşıla, qırmızıya bürünmüş Topxana meşəsinə baxdı. Mavi pəlməyə dalmış meşə tüstü arasından alovlanan kimi görünürdü. Nəşəli bir kədər Vaqifin üzünə yayılmağa başladı: – Mədinə, – dedi, – bilsən bu rəngin payız meşəsi məndə nə qədər dərd oyadır, hər şey sönür və sönərək təbiətinin parlaq bir təzahürünü nümayiş etdirir, son dəfə bütün aləmə göstərir. İnsan təbiətinin də son təzahürü sevgidir... Gəl, gözəlim, dəm qənimətəst!† Vaqifin şirin söhbətlərindən həzz alan Mədinə qıvrım tellər arasında cilvələnən ağ gərdənini bir az çiyninə tərəf meylləndirib, dinləyir, bal dodaqlarına yaxılmış qaymaq təbəssümü ilə şairə ilham verirdi: – Nə üçün son təzahürü? – deyə xoş bir əda ilə soruşdu. Vaqif özünü itirdi. Meşədən ayrılıb, Mədinəni süzməyə başladı. Kaşan məxmərindən yapılma püştəyə qürurla söykənmiş Mədinə saray gözəllərini lal edəcək bir hüsnlə Vaqifə baxır, kirpiklərinin ucları ilə onun qəlbini hər an, hər dəqiqə yaralayırdı. – Mədinə, – dedi və gülümsədi, – son təzahür daha coşqun, daha atəşin olur. Zənn etmə ki, gəncliyin təravətini unutmuşam. Yox! Gəncliklə bahar unudulmaz! Lakin İnsan təbiətinin son təzahürü payız kimi barlı, idraklı və eyni zamanda da kədərlidir. Bu rəngin, dəbdəbənin arxası ağ saçlı qışdır, amansız əcəldir... Mədinə qəhqəhə çəkərək şairin sözlərini kəsdi: – Amandır, nəhs danışma!, – dedi, – sən burda, Mədinə burda, ömür burda!.. Vaqif yenə coşdu, lakin yenə Mədinənin sözlərinin qarşısında çaşıb qaldı. Söz arar kimi ətrafa baxındı. Mədinə isə xırda, şümşad əllərini bir-birinə vuraraq qəhqəhə çəkirdi. Vaqif də gülümsəyib dedi: – Söz ki, var, deyir, bülbül kimi bir candır; ürküdərsən ötməz. Mədinə darğın bir səslə: – Mən, – dedi, – nəyəm ki, sənin nitq bülbülün məndən ürkür? – Sən şıltaq bir pərisən, şair baxçasını dolaşar, ahəngini pozarsan. – Yalnız pozarammı? Vaqif Mədinənin ədasından həzz alaraq: – Yox, – dedi, – sən o bağçaya arabir pərişan ahəng, şəkərli bir kədər də gətirərsən. Şairə də bu lazımdır: sızıltılı bir ney, qan saçan bir qəlb, səmalarda dolaşan bir sevgi pərisi... – Bu səni bəxtiyar edirmi? – Bəxtiyarlıq nə deməkdir? – Xoş bir dəqiqə, təmənnasız bir təbəssüm, yeniyetmə bir gəncin eşq duyğusu. Mədinə heyrətlə Vaqifi dinləyir, lakin xoşnudsuzluq göstərirdi: – Şair, – dedi, – bu söylədiklərin həqiqətə bənzəməyir: xanlığın müşaviri, dövlətin rüknü olan bir adamdan bu sözləri eşitmək... Vaqif ciddi bir sima ilə onun sözlərini kəsdi: – Mədinə, – dedi, – dövlət işləri cəmisi bir vəzifədir. Qəlb isə bunlardan kənar bir aləmdir. Onun da özünün tələbləri var: sevgisi var – adi sevgi deyil; şöhrəti var – adi şöhrət deyil; zövqi var və bu zövq də onun mahiyyətini təşkil edir. Mədinə yenə ima ilə gülümsədi: – Vəzifə kimin üçündür, qəlb kimindir? – Vəzifə dövlətin, ailənin, arvadın, uşağın, qəlb isə yarındır. Mədinə məmnun bir təbəssümlə gülümsəyib, zarafatla dedi: – Kişilərə inanılırmı? Qəlbləri bir şərbət piyaləsi kimi əl-əl gəzir, heç kəs də doyunca içməyir. Vaqif cəzb olmuş kimi: – Mədinə, doyunca nə deməkdir? – dedi. – Hər şey doyumluq olsa, zövq olurmu, həsrət olurmu, şeir olurmu? Mədinə yenə qəhqəhə çəkdi: – Şair, – dedi, – kənddən mənə alma, armud göndərmişdilər: sənin payını saxlamışam. Belə görürəm ki, bunların heç biri sənə lazım deyil: doyarsan, həsrətin, zövqün ölər. Mədinənin zarafatı Vaqifin çox xoşuna gəldi, uğunub getdi: – Yox, çərəzdən keçmək olmaz? – dedi və qalxıb otaqdan çıxan Mədinənin arxasınca sirli bir baxışla baxdı. Al yaşıla bürünmüş Mədinə əlvan xalılar, pərdələr, rəflərdəki alabəzək qablar arasında sabah yelindən titrəyən çöl laləsini andırırdı. 19 Vaqifin İbrahim xanla məşvərət zamanı dediyi sözlər doğrulmaqda idi. Kərim xan Zəndin ölümündən sonra İranın hər tərəfindən dikələn xanlar taxt-səltənət üstə qan tökməyə başlamışdılar. Bunların içində ən qüvvətliləri Cəlayir türklərinə mənsub Qacar xanları idi. Qacarlar bütün türk ellərində sərkərdələri Qacar xanın adı ilə şöhrətlənib, əsrlərdən bəri Gəncə və Irəvan xanlıqları torpağında yaşardılar. Birinci şah Abbas Gəncə civarından otuz min Qacar ailəsi götürüb, Astrabad və Xorasana köçmüşdü. Bu Qacarların sərkərdələri ötədən bəri Iran səltənətinə bir neçə dəfə əl atmışdı, lakin müvəffəq olmamışdılar. Hələ Nadir öləndən sonra Məmmədhəsən xan Qacar uzun zaman Kərim xan Zənd ilə vuruşmuş, məqsədinə çatmadan ölmüşdü. Kiçik ikən Adil şah Əfşar tərəfindən axtalanmış Ağa Məmməd də onun oğlu idi; qardaşı Hüseynqulu xanla bərabər Kərim xan tərəfindən zaval olaraq Şiraza aparılmışdı. Kərim xan Zənd ölər-ölməz Ağa Məmməd xan Şirazdan qaçıb Astrabad, Mazandaran və Gilanı əldə edib, baş qaldırmış başqa xanlarla mübarizəyə başladı. Ağa Məmmədin Astrabada gəlməsi Yekaterinanın xoşuna getmədi, çünki Yekaterina birinci Petronun vəsiyyətinə əməl edərək Astrabad körfəzindəki Əşrəf kəndində liman tikdirib, Hind-Avropa ticarətinin istiqamətini Şimala çevirmək istəyirdi, salınmamış şəhərin adını da əvvəldən Melissopol38qoymuşdu. Ağa Məmməd xan Rusiya ilə anlaşmaq məqsədi ilə Peterburqa səfir belə göndərdi. Lakin rusların Astrabad iddiasını rədd etdiyi üçün, səfiri qəbul olunmadı. Rusiya iddiasında davam edirdi: Murtuzaqulu xanı Gilan xanı Hidayətə kömək verib, Ağaməmməd xana qarşı sövq edirdi. Həhayət, Rusiya tələbini yerinə yetirmək məqsədilə qraf Voynoviçin komandanlığında Astarbad körfəzinə bir donanma göndərdi. Ağaməmmədin göstərişinə görə donanma gözəl qarşılandı, komanda və tayfaya qarşı xoş rəftar göstərilib, etimadlarını qazandıqdan sonra bir gün hamısını sahilə qonaq çağırıb əsir etdilər. Bir müddət ayaqlarında gündə zindanda yatdıqdan sonra Ağaməmməd “xəbər tutdu”, onları buraxdırıb, hörmətlə yanına çağırtdırdı: “Iran torpağında bir addım yer belə sizə verilməyəcək, bunu qəbul etsəniz, sizi azad edərəm” – deyə şərt qoydu. Qraf Voynoviç istər-istəməz razı olmağa məcbur idi. Buraxılan kimi donanmasına minib Iran sahilindən uzaqlaşdı... Bu fövqəladə vəziyyətə dair sarayda bir iclas çağırıldı. İbrahim xan bütün ağaları və bəyləri yığmışdı. Mirzə Əliməmməd ağa öz gizli vəkilləri vasitəsilə aldığı xəbərləri söylədi və bu xəbərlərə bir dənə də olsa, şəxsi mülahizə əlavə etmədi. Məclis dərin bir sükutda idi; kimi təsbeh çevirir, kimi qəlyan çəkirdi. Mirzə Əliməmməd məruzəsini bitirmişdi, lakin kimsə danışmağa cəsarət etmədi. Xan ətrafındakılara göz gəzdirib, arabir: – Ağalar, bəylər, – deyirdi: – deyin görək, fikriniz nədir? Qopan zəlzələni duymursunuzmu?.. Kimsədən cavab çıxmırdı. Vaqif xandan müsaidə alıb, sözə başladı: – Xan sağ olsun, – dedi. – Mirzə Əliməmməd ağanın verdiyi xəbərləri eşitmişdim. Məncə hələ təlaşa düşmək lazım deyil. Hələlik xoş rəftardan başqa əlacımız yoxdur. Fətəli xan kimi açıqdan-açığa rus tərəfinə keçib, Ağaməmməd xanla düşmənçilik etmək qorxulu yoldur. Çünki Arazı aşıb ellərimizi talan edə bilərlər. Ağaməmməd bizə müraciət Arı şəhəri edib itaət tələb etsə, məsələni təkrar müzakirə edərik, hələlik hazır durmalı və məqam güdməliyik. Başqa çarəmiz yoxdur. Bilirsiniz ki, iki od arasındayıq. Vaqifin fikirləri hər kəsin üzündə təsvib ifadəsi doğurdu, başların əyilməsi ilə hamının bu fikrə şərik olması meydana çıxdı. İbrahim xan yenə ağalara və bəylərə müraciət edərək: – Nə dərdiniz var, deyin, daha ürəyinizdə bir şey qalmasın, dedi. Məmmədhəsən ağa gülümsünərək dedi: – Daha Axund Molla Pənah kimi cahandidə bir adamın sözündən sonra nə deyəcəyik! Hələ ki, Ağaməmməd xanın başı qarışıqdı; Şirazın və Isfahanın üstünə gedərkən, bəlkə də Murtuzqulu xan rusların köməyilə Astrabadı tutacaq. Hələ ki, bir şey məlum deyil. Yenə məclisi sükut bürüdü. Məmmədhəsən ağanın öskürəyi sükutu pozdu, o, dəsmalı ilə ağrını silib sakit olandan sonra: – Başqa nə xəbər var? – deyə soruşdu. Vaqif xanın müsaidəsilə cavab verdi: – İravan xanı Ərzurum və Qars paşalarına müraciət edib. İraklidən üzülüşmək istəyir. Paşalar da bizə məktub yazıb, Açıqbaşa39 kömək etməmizi rəva görməyiblər. Biz də bir elə kağız yazdıq ki, nə hə çıxdı, nə yox. – Vaqif gülümsündü, məclisdəkilər də Vaqifin hərəkətindən xoşlandılar. – Paşalar buradakı işlərdən baxəbər deyillər – işin bu vaxtında İrakli xanla olan dostluğumuza xələl vura biləcək heç bir hərəkətə yol verilə bilməz. İravan xanı istəyir ki, İrakli xana ildə verdiyi altı min tüməndən boyun qaçırsın: keçi can hayındadır, qəssab da piy axtarır, – Vaqif güldü, xan da gülərək başını tərpətdi. Bu əsnada qapı ehmal açıldı, içəri 17-18 yaşlarında qırmızıyanaq, burnunun dəlikləri geniş bir gənc girdi. Bu yeni mirzəliyə keçmiş Camal†idi. Mirzə Camal əllərini bürmət‡arxalığının döşünə qoyub, salam verdi və ibarətlə: İrakliyə † Burada məşhur “Qarabağ tarixi” adlı əsərin müəllifi Mirzə Camal nəzərdə tutulur. O, bir müddət Pənah xanın və onun oğlu İbrahim xanın yanında mirzəlik etmiş, Vaqif öldürüldükdən sonra isə vəzirlik vəzifəsinə təyin edilmiş və 1822-ci ilə qədər (Mehdiqulu xanın vaxtında) bu vəzifəni daşımışdır. ‡ İsfahan çiti Təsəddüqün olum, xan, – dedi, – Bakı xanı Hacı Məlikməmməd xan hüzuriəlahəzrətlərinizə yetişmək arzusundadır. Xan Mirzə Camala tərs-tərs baxdı. Camalın yanaqları daha da qızarmağa başladı. – Hacı Məlikməmməd xan? – deyə xanın gözlərində qəzəb şimşəkləri oynamağa başladı. – Fətəlinin yeznəsi?.. Hamı bir-birinin üzünə baxdı. Məclisə bir qorxu çökdü. Vaqif xana tərəf əyilib, ehmal bir ifadə ilə nə isə pıçıldadı. Xanın sifəti dəyişildi: – Şahməmmədin evinə aparılsın! Hələ görüşməyə vaxtım yoxdur... Sabah!. Mirzə Camal alnının tərini axıda-axıda baş endirib, otaqdan dalıdalı çıxdı. Qışın ikinci ayı idi. Yarım arşın qar yağmışdı. Hacı Məlikməmmədi o biri gün qarın içi ilə piyada olaraq xanın sarayına apardılar. Bir saat soyuq eyvanda gözlətdikdən sonra İbrahim xan onu çağırtdırdı. Məlikməmməd xan içəri girdikdə otaqda İbrahim xanla Vaqifdən başqa kimsə yox idi. Bir-birlərinə ilk dəfə rast gələn bu adamlar əvvəl dinməz baxışdılar; bu baxışda qarışıq ifadələr var idi. Get-gedə Hacı Məlikməmməd xanın həlim sifəti, itaətli duruşu xana və Vaqifə xoş təsir buraxmamış olmadı. Lakin xan yenə hiddətlə qonağı süzür, Vaqif isə zahirdə xan ilə qəzəb şəriki kimi görünsə də, ürəkdən Bakı xanına acıyır, onun mərhəmətli və kimsəyə pislik etmək fikrində olmayan baxışından mütəəssir olurdu. İbrahim xan qonağa əyləşməsini təklif etməyərək, həyəcanından tutulmuş səslə; – Nə əcəb? – dedi. Bakı xanı soyuqdan qızarmış əli ilə samur kürkünün yaxasını düzəldərək: – Yaşımın çoxu gedib, azı qalıb, – dedi. – Ömrümdə məndən kimsə bir milçək qanadından inciyən qədər də inciməmişdir... Ancaq, dedim, gedim, öz müsəlmanlıq borcumu yerinə yetirim... Çünki haqq yerə gedəcəyəm. Bu aralığa düşən nizain40dəfinə çalışım... Quba xanı və Alimərtəbə Qarabağ hökmdarı arasında baş vermiş xüsamətin bica... ümmətiislama yaraşmayan bir iş olduğunu... İbrahim xanın dodaqları əsməyə başladı, onun sözünü yarımçıq kəsdi: – Səndən kim təvəqqə eləmişi? Qənd başımı göndərmişdik? Xanın səsindən otaq cingildədi. Vaqifə elə gəldi ki, indicə Şahməmməd çağırılacaq. Bakı xanını ac qızılquşlara yedirəcəklər. Lakin Məlikməmməd xanın: – İltifat buyur!.. Kərəm et! – deməsi İbrahim xanı yumşaltdı. Biriki dəfə hirsindən öskürdü. Sonra boğuq səslə: – Bilirsən xan! – dedi və “xan” sözündə bir istehza duyuldu. – Fətəli düzəlməz! O elə qancıqdır ki, ona belə bağlanmaz. Mənim qardaşım Mehralı mənə düşmən olduğu halda Fətəli onu çəkib çörəkləyir; Şirvan xanını taxtından eləyir; yeni Şamaxını dağıtdırıb, əhalisini Köhnə Şamaxıya yığır, camaatı əldən salır; namusunu urusa satır, min fisqü-fücür törədir... Hansını deyim? Hidayət xana qoşun verib Gilana göndərir... Bunlar urusa yarınmaq üçün deyilmi? Gündə bir Kürü keçib bizim xas mülkümüzü dağıtdırır... Belə bir qancığa inanmaq olarmı? İndi də sənin kimi bir eşşəyi mənim yanıma yollayır ki, mənə kələk gələsən!.. Rədd ol! Haramzada! İbrahim xanın səsi yenə sarayda gurladı, səsə Şahməmməd gəlib çıxdı. İbrahim xan ağzından tüpürcək dağıdaraq: – Şahməmməd! – dedi. – Bu haramzadanı saldır zindana! Məlikməmməd xanın rəngi qaçdı, nə isə demək istədi, imkan vermədilər: pişxidmətlər onu dartışdıra-dartışdıra götürüb apardılar. 20 Dumanlı bir gündə səhər ertə saray qulamlarından biri Kazımın həyətinə girib, artırmada hana toxuyan Telli ilə Gülnaza yanaşdı. – Burda Səfər deyilən kimdir? – dedi. – Onu imarətə çağırırlar. İmarət adı gəldikdə Tellinin rəngi qaçdı, dili tutula-tutula: – Neynirlər? – dedi. Qulam kənarı dərili, sırınmış, konusvarı çit papağını arxadan qaldırıb, başını qaşıyaraq cavab verdi: – Lazımdır, hardadır? Telli yenə israrla: – Axı, neynirsən? – dedi. – Əşi imarətə çağırılar... Demək, lazımdır... Qulam başını qaşıyır və mat-mat baxırdı. Bir də papağı başından düşdü, hörülmuş kəkili papağın içindən qopub üzünün bir tərəfini tutdu. Gülnaz gülümsədi, Telli isə sifətindəki əndişə ifadəsini dəyişməyərək ayağa qalxdı, çit şalvarına ilişmiş qırxıntını çırpıb həyətdən çıxdı. Karxananın başında boş bir yer vardı, Səfər burda özünə ev tikirdi: dörd dirək basdırıb, aralarını çubuqla hörüb, divar qayırırdı. Tellinin təlaşı onu heyrətə gətirdi: – Da niyə qorxursan? – dedi. – Çağırıblar, gedərəm. Yəqin yenə bir yana göndərəcəklər. Səfər gödəkçəsini çiyninə atıb, qulamla bir yerdə getdi. Bazarı keçərkən böyük bir izdihama rast gəldidər. Darğa birisini, daş-tərəzisi düz olmadığı üçün falaqqaya saldırıb, palçığın içində döydürürdü. Ayaqlarına otuz çubuq vurduqdan sonra kişinin ürəyi getdi. Qulam yenə başını qaşıya-qaşıya bu mənzərəyə baxır, üzünün laqeyd ifadəsində heç bir dəyişiklik görünmürdü. Səfər isə üzünü qırışdırıb, hirsindən dodaqlarını gəmirirdi. Dayanmadılar. Rastabazarla gedərək o tay-bu taydakı bəzzazlarla, nüsxəbəndlərə, baqqal və əttar dükanlarına tamaşa edirdilər. Divanxanaya çatdılar. Dəmir şişlərə keçirilmiş bir neçə müqəssir divanxana divarına söykədilmişdi. Bunların biri hələ ölməmişdi. Uşaqlar uzaqdan ona daş atır, o da əzabla çəkişən üzünü yan tutaraq: – Daş..a.. atma... gözümə dəyər, – deyə inildəyirdi. Səfər bu acı mənzərəni görən kimi hirsləndi: – Ay nainsaf uşağı! – deyə uşaqları daşla qovdu... Qulam Səfəri pişxidmətlərin otağına gətirib özü getdi. 7-8 nökər yerə salınmış kilimin üstündə oturub, şirin söhbətdə idilər. Baba lələ də burada idi. Çubuğu damağında olaraq yuxarı başda bardaş qurub oturmuşdu. Nökərlərdən biri dünən bazarda gördüyü bir əhvalatı nağıl edirdi: –...Mən nə bilim ki, bu köpək oğlu kişinin qatığını içmişmiş. Darğa soruşdu ki, a gədə, bu kişinin qatığını sən içdin? Dedi: “Yox!”” “ Dedi: “Düzünü de! Axı, kişi yalan deməz, kasası da boşdur. Qatıq yerə tökülməyib, yer udmayıb, göyə uçmayıb”. – Dedi. Toyuq bir ayaqlı idi ki, bir ayaqlı idi. Darğa bıçağını çıxarıb gədənin qarnına soxdu... qatıq pırtlayıb çıxdı. Darğa dedi: “Köpək oğlu, deyirsən qatığı içməmişəm? Bəs bu nədir?! “ Nökərlər gülüşdülər. Baba lələ uğunub getdi. Bu əsnada qapı açılıb, içəri bir dağlı türk girdi; uca boylu, qara qıvrım saqqallı, ağ dişli adam idi. Üzünü yuxarı başa çevirərək soruşdu: – Ay qardaş, burda xan deyilən hansınızsınız, şikayətim var. Nökərlərdən biri istehza ilə Baba lələni göstərdi: – Ay qardaş, bax, xan o başda oturandır, nə ərzin var? Dağlı elə bunu gözləyirmiş kimi baş endirib dedi: – Ay xan, bizi balalarının başına çevir, belə zülm olmaz: buyurmusan ildə bir ay oruc tutulsun, gündə beş vaxt da namaz qılınsın. Üç yüz evli Pecəniz kəndinə də bir ay oruc, beş vaxt namaz, otuz beş evli Vaqazinə də. Axır bu zülmü Allah götürməz! Nökərlər yenə qəhqəhə ilə gülüşdülər. Səfər də özünü gülməkdən saxlaya bilmədi. Nökərlər yenidən dağlını lağa qoymağa başladıqda, bayaqkı qulam gəlib Səfəri çağırdı. Bir yerdə Mirzə Əliməmməd ağanın otağına getdilər. Pəncərəsi artırmaya açılan bu balaca otaq birinci mərtəbədə idi; xalçalarla döşənmiş, taxçalarında kitab və dəftərlər vardı. Mirzə Əliməmməd yuxarı başda oturub, nə isə dizinin üstə yazırdı. Səfər salam verdikdə salamı alıb: – Otur, – dedi və qələmi qələmdana qoyaraq, Səfəri düşüncəli nəzərlə süzdü. Səfər oturmağa cəsarət etmədi. Mirzə Əliməmməd təkrar: – Otursana! – dedi və Səfərə divarın yanında yer göstərdi. Səfər dizi üstə oturdu. Mirzə Əliməmməd: – Sən Qubaya bələdsən, getmişdin, – dedi. – İndi sənə xanın yenə buyruğu var... Fətəli xan Şamaxıya qoşun yığır. İstəyir yenə bir fitnə düzəltsin. Gedərsən, ordan, burdan xəbər yığarsan. Görək qoşun nə qədərdir, havaxt tərpənəcək, hara gedəcək... Bildinmi? Pul verərəm, bir az mal alarsan, ora çərçi sifəti ilə gedərsən, sata-sata camaata qarışıb, əhval tutarsan. Bildinmi? Qırğı kimi gedib, qırğı kimi də gələrsən, qoçağım. Vacib işdir. Mirzə Əliməmməd ağa Səfərə təfsilatlı məlumat verib yola saldı. Səfər üçün çərçi malı və at hazırlandı. O biri gün erkən yola düşdü. Gözləri yaşlı Telli həyət qapısını açıb, onun arxasınca bir tas su atdı – salamat gedib gələsən – demək idi. 21 Məmməd bəy artıq bığ yeri tərləyən bir gənc olmuşdu. Xüsusi molladan aldığı dərs nəticəsində türkcəyə və farscaya malik olub, bununla iktifa etmişdi. O zamanın təhsili zatən bundan ibarət idi: çərəkədən sonra ərəbcə quran oxuyardılar, sonra fars klassikləri keçilərdi, türkcə məktəblərdə keçilməyirdisə də, Yaxın Şərqdə beynəlxalq bir danışıq dili olduğu üçün bunu hər kəs bilərdi. Türk dili zəngin xalq ədəbiyyatı, hazırcavab məsəl, misal, atalar sözləri, füsunkar nağılları, yaxıcı eşq mahnıları və şeirləri ilə rəsmi dairələrin farscasına üstün gələrdi. Savadlı gənclərin bəyazı olardı, bu bəyazlara türk şeirlərinin nəfis parçaları köçürülür, əzbərlənirdi. Vaqifin şeirləri birinci sırada durardı. Məmməd bəy də vaxtını o zamanın şəhər gəncləri kimi, şerə, ova, igidliyə və idmana sərf edərdi. Vaqifin oğlu Qasım ağa da Məmməd bəyin cürlərindən biri idi. Yaz düşmüşdü. Küçələrin buzu əriyib, sel olaraq şırıltı ilə axırdı. Dağların başında bulud qaynaşmağına baxmayaraq, hava isti idi. Beşaltı ay davam edən darıxdırıcı qışdan sonra hər kəs bir sevinc hiss edərək, artırmalarda, küçələrdə özlərini günəşə verirdi. Arvadlar yun daraqlarını daxmalardan havaya çıxarmışdılar. Miyandar* da adam göndərib gəncləri zorxanaya çağırmışdı: idman fəsli başlayırdı. Məmməd bəy Qasım ağa ilə gəldikdə, bir çox gəncləri orada gördü. Zorxana geniş bir dairə ətrafına taxta səkilər yapılmış, üstü taxtapuşla örtülü bir binadan ibarət idi. Idmançılar taxta səkilərdə paltarlarını soyunub, qısa meşin şalvar geyirdilər. Üç xınalı saqqal kişidən ibarət bir musiqi dəstəsi tar və kamançalarını kökləyirdi. Uca boylu, şişkin əzələli, geniş kökslü miyandar hər kəsdən əvvəl aşağı dairəyə enib, əlində ucu qumrovlu bir ox tutaraq gəzinirdi. Yuxarıdan düşən işıq onun qırxıq başını işıldadırdı. Gənclər yavaş-yavaş səkilərdən enib gəlirdilər. Bir də miyandarın nərəsi eşidildi, qumrov cingildədi. O saat musiqi başladı. Miyandarın oxunun işarəsi ilə gənclər iki dəstə olub, iki-iki onun sağına və soluna düzüldülər. Ortalığa bir çox ağac millər düzülmüşdü. Miyandarın oxunun qumrovuna riayət edərək, gənclər bir-bir vərdənəyə bənzəyən, yalnız bir tərəfi nazik olan millərdən yapışıb, oynatmağa başladılar. İlk məşq kiçik vəznli millərlə başlar, get-gedə mururla ağır vəznli millərə keçərdilər. Məmməd bəyə bu yüngül mil çocuq əyləncəsi kimi göründü. Bunu görən miyandar sərt sima ilə oxunu tərpətdi, qumrov cingildədi; Məmməd bəy o saat nizama tabe oldu. Miyandar bu millərdən bir az ağırlarına keçilməsini əmr etdi. Millər dəyişildi, yenidən hərəkət başlandı. Qoşa-qoşa dairəni dolaşır, durur, dincəlir, təkrar mil oynadırdılar. Mil oyunu bitdi. Güləşməyə hazırlandılar: gənclər bir-birinin bədənlərini piyləməyə başladı. Yenə qumrov səsi eşidildi. Gənclər dairə boyu düzüldü; musiqi oynaq bir hava çaldı. Miyandarın işarəsi ilə Məmməd bəylə Qasım ağa dairənin ortasına küləşə çıxdılar. Əvvəl rəcəz oxuya-oxuya dairədə yavaş addımla bir-birinin arxasında dolaşır, səkiləri doldurmuş camaat qarşısında igidlik göstərmək eşqilə coşurdular. Musiqi də oynaq ritmlərlə onları qalibiyyətə çağırırdı. Məmməd bəy bir-iki dəfə dairəni dolaşdıqdan sonra nərə vuraraq ortaya gəldi, ona yanaşan Qasım ağanın yuxarı qaldırılmış sağ əlinin ovcuna ovcu ilə bərk vurub çəkildi. Yenə dolaşmağa başladılar, rəcəzdən və musiqidən bir az da coşdular. Yenə bir-birinə yanaşdılar, bu dəfə başlarını qanırıb, peysərlərini bir-birinə sürtüb ayrıldılar. Rəcəz nərəsi daha da ucaldı. Sonra hoppana-hoppana bir-birinə yaxınlaşıb, qurşaq tutdular. Dartındılar, əllər piyli bellərdən sürüşdü. Başqa cür tutuşdular. Heç biri üstün gələ bilmədi. Qasım ağa fürsət tapıb, yan tərəfdən soxuldu. Məmməd bəyi qaldırıb arxası üstə yerə atdı. Atılanda dörd ayağı üstə düşən pişik kimi, Məmməd bəy də əlləri və ayaqlarını yerə dayaq verərək, havada yarımdairə təşkil etmiş bir halda qaldı. Qasım ağa nə qədər çalışdısa da, onun bu vəziyyətini Bdəyişə bilmədi. Nəhayət, belinin üstünə minmək istədi, bu əsnada Məmməd bəy çevik bir hərəkətlə çönüb, bir əli ilə ayağından, o biri ilə boğazından yapışıb onu yerə yıxdı. Çabalayan Qasım ağanı boğmaq istərkən, Miyandarın qumrov səsi eşidildi: tökülüb onları aralaşdırdılar. Piyli bədənlərinə toz-torpaq yapışmış, tövşüyən bu iki gənc qarşıqarşıya durub, hələ də bir-birini kinli bir nəzərlə süzürdü. Miyandarın qumrovu bunları bu vəziyyətdən qurtardı: irəliləyib qucaqlaşdılar, öpüşdülər. Zorxananın bu adətindən sonra artıq ürəklərdə heç bir kin qala bilməzdi. Barışıb ayrıldılar, meydana başqa güləşənlər girdi. Bir-iki saat zorxanada keçirdikdən sonra Məmməd bəy cürlərini başına toplayıb, küçəyə çıxdı: – Uşaqlar, – dedi, – gəlin bu axşam çapqına gedək! Gənclər: – Gedək, gedək! – deyə bağırışdılar. Biri etiraz etdi: – Heç indi çapqın vaxtıdımı? – dedi. – Bu saat çaylar daşıb qan-qan deyir. Məmməd bəy istehza ilə: – Kiri! – dedi. – Igidə yaraşmayan söz danışırsan. İgid də daşqından qorxarmı? Mən bu axşam yola düşürəm, bir-iki də nökər götürəcəyəm. Arvad deyiləm ki, evdə oturam. – Mən də gedirəm!.. Mən də! – deyə səslər eşidildi. Məmməd bəy uzun ağ papağını gözünün üstə itələyib, nəşə ilə: – Bax ləng olmayın! – dedi. – Axşam azanından bir az keçmiş qala qapısından bir az aşağıda gözləyəcəyəm, qəbiristanlıqdan bir az yuxarıda... Amma bax, hara getdiyimizi evdə heç kəsə deməyin...Gedərik, bizim Kəhrizli kəndinə, orada bir neçə gün qonaq qallıq; qoyun kəsdirib Pirsaqqız ağacının altında bir yaxşı kabab yeyərik, sonra Kürü keçib, gedərik Şirvan torpağına. Çalarıq, çaparıq, igidlik göstərrik... Qoy bilsinlər ki, analar necə oğullar doğub. Məmməd bəyin sözləri gənclərin ürəyindən idi. Hər kəs qılınc oynatmaq, qoçaqlıq göstərmək istəyirdi. Axşam buludlar arasında batıb-çıxan ay işığında on altı atlı Kəhrat*yolu ilə arana doğru enməyə başladı. Səfərin Şirvana gedib-gəlməsi 15 gün çəkmişdi. Sürətin səbəbi onun çaparaq getməsi idi: atı yorulan yerdə türk kəndi isə yüzbaşı, erməni kəndi isə məlik onun atını dəyişir, təzəsini verib yola salırdı. Xanın buyruğu belə idi. Səfər Şişəyə gələr-gəlməz atını bir baş saraya sürüb, Mirzə Əliməmmədlə görüşdü. Əliməmməd ağa başqa işlərini kənara qoyub, Səfərlə danışığa başladı: – Hə qoçağım, de görüm nə var? – Nə olacaq, ağa. Şamaxı tərəfdə şirin qoşun yığılır. Atlı əlindən yollardan keçmək olmur. Da kənddə-kəsəkdə başı papaqlı qalmayıb, hamısını yığıblar. Mən Şamaxıya gələn günü Tarqi Şamxallı səkkiz min ləzgi ora gəldi. Ağa, nə oğlanlar var, at belində Şahbaz kimi otururlar! – Yaxşı, indi ki, bu qədər qoşun yığılıb, bəs niyə tərpənmirlər? – Ağa, dedilər, sursatları təndürüst deyil. Şirvan xanını göndərmişdilər, kəndlərdən sursat cəmləyirdi. Camaat verməməzlik eləyirdi. Bir kənddə camaat ağlaşa-ağlaşa yüzbaşının ayağına yıxılıb: “Bəs toxumluğu aparırsınız biz başı daşı nə əkək? “ – deyirdi. Yüzbaşı on-on beş adamı divara hördürüb, başlarını kələ qoşdurub, dartıb bədənlərindən ayırtdırdı... Öz gözümlə gördüm!.. Səfərin görmüş olduğu dəhşəti xatırlayaraq əti çimçəşdi, özündən asılı olmayaraq dili dolaşıb, dayandı. Mirzə Əliməmməd ağa heyrətlə: – Sən də qorxdun? – dedi. Səfər çəkinib, qızararaq: – Yox, ağa, – dedi, – heç qorxarammı?.. Ancaq Allah bəndələrinə belə zülm olanda, nədənsə adamın ürəyi dözmür. Mirzə Əliməmməd qalın qaşlarının altından Səfərə baxıb dedi: – Fətəli xana rast gəlmədin ki? – Dedilər, Dərbənddədir. Gəmi Əjdərxandan*top-topxana gətirmiş imiş, onu almağa gedib. Dedilər Salyan vətəgələrindən ruslara balıq satıb, əvəzində yaraq alıb. Əliməmməd ağa dərin düşüncəyə daldı. Sonra ayılaraq yenə Səfərə bir neçə sual verib: – Mürəxxəssən! – dedi. Mirzə Əliməmməd ağa yuxarıya, xanın yanına çıxdı. Vaqif və Məmmədhəsən ağa də orada idi. Əliməmməd ağa Səfərin gəlməsini və gətirdiyi xəbərləri bildirdi. Xan böyük bir qəzəblə dinləyib: – Qancıq, qancıq! – deyərək dodaqları titrədi. Vaqif onu sakit etmək üçün: – İndi İrakli xanın qoşunu Gəncədən ötmüş olar, – dedi. – Bizim Kür qırağındakı qoşunun sayını gərək artıraq. Məmmədqulu ağanı da top-topxana ilə ora göndərək. On min biz qoyarıq, beş min də Açıqbaşdan gəlsə, Fətəlini Kürü keçməyə qoymarıq... Xan bir az sakit: – Qancıq on beş min qoşun çıxarda bilərmi? – dedi və sual nəzərilə əvvəl Vaqifə, sonra Əliməmməd ağaya baxdı. Vaqif gülümsünərək: – Qurbanın olum xan, – dedi. – Fətəlinin ümidinə qalsa, çıxara bilməz. Onu yerindən oynadan var. Bu işlər hamısı rus işidir. Bu dilsizağızsız Hacı Məlikməhəmməd xanı bura kim göndərmişdi? Bu da rusların mərifəti ilə olmuşdu. Bizi oda soxmaq istəyirlər, istəyirlər ki, elimizə, ulusumuza Ağaməmməd xan od qoyub, odlasın!.. Xan diqqətlə Vaqifi dinləyib, qəlyanın neypuşunu saqqalına söykədi: – Yaxşı, məsləhətimiz nə yerdə qalır? Vaqif eyni sakitliklə: – Məsləhətimiz elə əvvəlki məsləhətdi, – dedi. – Ancaq Hacı Məlikməhəmməd xanı zindana saldırdığımız Fətəliyə, görünür, ağır gəlib. Elçiyə zaval yoxdur, – deyərlər. Vaqif sözlərini bitirmədi. Ancaq xanın inadlığını qamçılamağa bu da kifayət idi. İbrahim xan səhvini duydusa da, üzə vurmadı, öz-özünə: “İndi buraxdırsam, Fətəli qancıq deyəcək ki, İbrahim xan məndən qorxdu... Bütün qoşunu yığıb, özüm getməliyəm. Xanın birdən dodaqlarında acı bir təbəssüm oynadı: – Özüm gedəcəyəm! O köpəyin atasını qəbirdən çıxartdıraram, məni tanıyar! O biri gün şəhərin hər məhəlləsində şeypur çalınıb, dəf vuruldu. Qoşun tərpəndi. Bütün yüzbaşılara və məliklərə çaparlar vasitəsilə xəbər göndərildi, atlı çıxarmaları və sursat yığmaları əmr olundu. Araz ilə Kür arası dalğalanaraq Şirvan tərəfə axdı. İki xanın mənəmliyi üçün minlərlə adam əkindənbiçindən əl götürüb, ölüm səfərinə çıxdı. İrakli xan oğlu Georginin sərkərdəliyində beş min əsgər göndərmişdi, bunun çoxu Qazax və Şəmsəddin türkləri idi. İbrahim xanın qoşunu ilə birləşib, sərhəd boyu yayılıb Fətəli xanın qoşununu gözlədilər. Səfəri bələdçi aparmışdılar. Səfər axşam Kürü o taya keçib, səhər tezdən Şamxalın üç min ləzgi ilə irəliləməsini xəbər gətirdi. Qasidlər qoşuna xəbər verdi, hər kəs hazır oldu. Sazaqlı bir sabah idi, az-az qar yağır, yel adamı kəsirdi. Qamış və kolluqlar arasından qıllı papaqlar görünməyə başladı. İbrahim xanın qoşunu pusquda idi, tüfəng atmaq əmr olunmamışdı. Şamxal qoşunu ilə Kürün kənarına yaxınlaşdı. Ətrafı seyr edərək çayı keçməyə başladılar. Yenicə bəri tərəfə keçmişdilər, tüfənglər açıldı. Ləzgilər çaşıb qaldılar. Yıxılan atlar və adamlar bir-birinə qarışdı. Səsə o biri tərəfdən yeni qüvvələr gəlməyə başladı. Gürcüstan və Qarabağ qoşunu pusqudan sıçrayıb, hücuma keçdi. Qılınclar havada ildırım kimi parlayıb, qaçan düşməni biçirdi. Toplar atəş açdı, tüstü duman kimi ətrafı bürüdü. İbrahim xan qılıncını tovlayaraq, Kürü keçdi. Minlərcə atlı onu izləyərək, o taya keçib, bir-birinə qarışıb qaçan müttəfiqləri qovmağa başladılar. Vaqif də İbrahim xanın dalınca atını çapır, orda-burda tökülüb, qanına bələnmiş İnsan meyitlərini seyr edərək, qəlbində sancı duyurdu. 22 Məmməd bəyin dəstəsi gəlib Kəhrizliyə çıxdı. Yazın gözəl çağı idi: yer yamyaşıl, bənövşə açmış, ağ və çəhrayı çiçəklər ağacları bəzəkli gəlinə döndərmişdi. Minlərcə arı sanki günəşin yıldızlı tellərinə toxunub, ecazkar ahənglər doğururdu. Yer şən, göy şən, yalnız o gözəlliklər içində yaşayan İnsanlar şad deyildi. Kişilər il uzunu davada; kimi ölmüş, kimi şikəst olmuş; arvadlar ağır işlərdə; yüzbaşı da qapını kəsib deyirdi: “Töycümü ver!”. Odur ki, Məmməd bəyi kəndlilər zahiri şadlıqla qarşıladılar, ürəklərində isə: “Allaha pənah, hələ ki, bu şəhərdən gələnlərdən heç bir xeyir iş baş verməyib”, – deyib, qədərə bel bağlamağa başladılar. Yüzbaşı Məmməd bəyin gəlməsini eşidib, sevinərək özünü ağalıq evə yetirdi və əlini piy basmış döşünə qoyub, zorla əyilərək təzim etdi: – Ağa, qurbanın olum, – dedi, – sən çox xoş gəlmisən! Qonaqlarının da gözüm üstə yerləri var. Bir dəqiqədə iki mərtəbə evin artırması döşəndi, ağalar bağdan axan kəhrizdə yuyunub, gəlib əyləşdilər. Atların hərəsi bir həyətə çəkili, yüzbaşı da kəndə adam salıb, toypayı yığdırmağa başladı. Məmməd bəy ağ çiçəklərə bürünmüş bağları fəxrlə göstərib: – Hə uşaqlar, – dedi, – mülkümüz xoşunuza gəlirmi? Yoldaşları: – Necə gəlməz! Necə gəlməz! Lap cənnətdir! – deyə səsləndilər. Məmməd bəy ala gözlərini qıyaraq: – Hələ durun, görün sizə nə keflər verəcəyəm! – dedi, ağzını marçıldatdı... Nökərlər bağda ocaq qalayıb, təlaşla üfləyir, gözlərinin yaşını cırıq arxalıqlarının ətəyi ilə silirdilər. Bir tərəfdə kəsilmiş quzunun dərisi soyulur; kəhrizdə göy-göyərti yuyulurdu. Yaşmaqlı bir arvad gətirib süfrə saldı. Sac çörəyi və yuxa gətirdilər. Pendir, şor, qatıq gəldi. Məmməd bəy: – Uşaqlar, bismillah! – dedi, əlini süfrəyə uzatdı. Süfrənin başına çevrələnən qonaqlar yeməyə başladılar. Artırmanın qabağında binagüzarlıq edən yüzbaşı hərdən ağasına dadlı bir təbəssümlə müraciət edir: – Ağa, qurban olum, qarnınızı şor-çörəklə doldurmayın, saciçi bu saat hazır olar! – deyirdi. Doğrudan da mis sac ocağın üstə qoyulmuşdu və nökərlər də quzunu doğrayıb, sacın içinə atırdılar. Cızıltı səsi, xoş ət qoxusu yoldan gəlmiş qonaqlara ləzzət verirdi. Çox çəkmədən saciçi hazır oldu, üstünə qatıq töküb qonaqlara göndərdilər. Bardağı da kəhrizdən doldurub gətirdilər. Bir az sonra artırmanın qabağı cır-cındırlı kənd uşaqları ilə doldu: ağalara həsrətlə tamaşa edib dururdular. Yüzbaşı onlara acıqlanıb qovdu. Məmməd bəy başını tərpətdi: – Dəymə, qoy dursunlar! – dedi və onlara bir-iki sümük atdı. Uşaqlar torpaqdan sümüyü qaldırmaqda bir-birinə aman vermir, süpürləşib yerə yıxılırdılar. Məmməd bəy bu mənzərədən həzz alaraq uğunur və təkrar-təkrar sümük atırdı. Nahardan sonra yüzbaşı bir neçə çirkli mütəkkə tapıb gətirdi. Qonaqlar artırmada sərilib yatdılar. Ağanın gəlməsi yüzbaşı üçün bir bəhanə oldu: onun adamları hələ də ev-ev gəzib, toypayı yığırdılar. Orda-burda tutulan toyuqların qaqqıltısı, kəndli arvadların qarğışı və nifrini kəndlə bir olmuşdu. Qonaqlar oyananda hələ günəş batmamışdı. Qalxıb yenə kəhrizin qırağında endilər, doyunca su içib, kəndi gəzmək istədilər. Məmməd bəy göz vuraraq: – Baxaq görək, gözə dəyən bir şey varmı? – dedi. Getdilər. Qara damlar adda-budda salınmışdı, arxalarında təzək qalaqlanmışdı. Orda-burda solğun paltarlı qocalar və arvadlar gözə çarpırdı. Bir dəstə onların dalınca düşüb gedir, getdikcə sayları artırdı. Bağlar arasında qulaqları və burunları kəsilmiş bir neçə adama rast gəldilər. Kənddən çıxdılar. Bir dəstə uşaq çiyni səhəng qız kəhriz başına suya gedirdi. Bunların birisi çalmasını yan qoyaraq o biri qızlara nə isə nağıl edirdi. Söyləyə-söyləyə yan baxarkən gözləri bəyə sataşdı. Yanaqları od kimi qızardı. Bu əfi baxış Məmməd bəyi çaldı. O, qızların arxasınca asta-asta gedib, arxadan ucları gümüş pullu uzun saçlarına, incə belinə və günəşdən yanmış dolğun və çılpaq baldırlarına tamaşa edirdi. Qızlar izləndiklərini görüb kirimişdilər. Kəhriz başına çatdılar, qızlar əyilib, səhəng doldurdular. Məmməd bəy kənardan durub, qızı süzür. Birdən o, həyəcanlı səslə: – Ay qız, adın nədir? – dedi. Qız yerə baxıb dinmir, arabir gözlərini yuxarı qaldırıb, Məmməd bəyə baxır və gözlərinə rast gəldikdə, məğlub olub çəkinirdi. – Adın nədir? – deyə bir də soruşdu. Qız ürkmüş bir baxışla Məmməd bəyə baxıb: – Ayişədir! – dedi və sanki səsi qırıldı, qazardı, boğulan kimi oldu. – Kimin qızısan? – Dəyirmançı Osmanın. Məmməd bəy ansızın: – Mənə gələrsənmi, səni alım? – dedi və vüqarla əlini xəncərinin qəbzəsiniə qoyub, cavab intizarında yanmağa başladı. Qızlar bir-birinə dəydi. Ayişə isə qıpqırmızı kəsilib gülümsünərək, səhəngini çiyninə atıb kəhrizdən uzaqlaşdı. Qızlar sürətli addımlarla kəndə doğru qoşur, Məmməd bəy də ağaca söykənib, həsrətlə onları süzür, köksünü ötürürdü. – Uşaqlar, – dedi: – Zalım qızı imanımı qaçırtdı! Yüzbaşı ixlaskar bir təzimlə: – Ağa, – dedi, – imanını niyə qaçırır, qız nədir ki, ondan ötrü köksünü ötürürsən? – Ağ dolaqlım sağ olsun, qoy tapılmayan qız olsun!. O qızların hansını istəsən, qulluğunda hazırdır. Məmməd bəy ağır addımlarla kəndə dönürdü. Yüzbaşı onun başına pərvanə tək dolanaraq: – Ağa, – dedi, – istəyirsən gedim elçilik edim. Atası bir az tərs adamdır, verməsə, elə bu gecə götürüb qaçarıq. Məmməd bəy dinmədi, düşüncə içində gəlib körpünün qulağında oturdu. Yoldaşları da dizlərini qucaqlayıb, suyun kənarında düzüldülər. Kimsə danışmırdı, sanki Məmməd bəyin kədəri hər kəsi zəhərləmişdi. Yalnız yüzbaşı bir xidmət göstərmək istəyir; əllərini tez-tez döşünə ataraq, üzündə yaltaq bir ifadə göstərirdi. – Ağa, – dedi, – sən ildə-əyyamda bir dəfə bura təşrif gətirirsən, onda da burdan bikef qayıdırsan – bu olmaz. Izn ver, bu saat atası ilə danışım. Məmməd bəy onun üzünə dolğun bir nəzərlə baxdı. Yüzbaşı bu nəzərdən nə duydusa, əlləri döşündə yanı-yanı çəkilib getdi. Ayişənin atası evdə yox idi. Yüzbaşı iri addımlarla dəyirmana tərəf getdi. Dəyirmana gedən arxın qırağında, iri bir söyüd ağacının altında çalsaqqal bir kişi oturmuşdu, ayaqlarını yenicə yuyub dincəlirdi. Yüzbaşı ona yanaşanda o vəziyyətini çox da dəyişməyib, bir balaca üzünün qırışığını açaraq salama cavab verdi, sonra: – Buyur, otur, – dedi. Yüzbaşı oturub, həmişəkindən daha mehriban bir rəftarla dilləndi: – Dedim, görüm nə qayırırsan?.. – Nə olacaq ki... Eşitdim, ağa gəlib. Toy payına gəlmişdilər, yarım çuval un verdim. – Dəyirmançı yırtıq şalvarını yuxarı çəkib, dizini altına qatladı və yandan yüzbaşıya, onun dolğun, qırmızı üzünə, iri gövdəsinə tamaşa edərək: – Varımıyoxumu apardılar, bilirsən ki, əkinim yox, biçinim yox, – şahadla dolanıram; yeyənim də yeddi başdır, – dedi. Yüzbaşı gülərək onun sözlərini kəsdi: – Xeyir xəbər var – indi daha dərdin yoxdur! Dəyirmançı yaxşılıq gözləməyən gözlərilə yüzbaşının üzünə baxdı: – Xeyir xəbər nə ola bilər ki? – dedi, laqeyd bir halda cavab gözlədi. – Ağa məni... sənin yanına elçiliyə göndərib: bir az əvvəl Ayişəni kəhriz başında görüb. Dəyirmançı hirsini gizlədə bilmədi: – Ay yüzbaşı, – dedi, – ağa mənim tayım, bərabərim ola bilməz!.. Yox, bu iş ürəyimə yatmadı. – Sonra diqqətlə yüzbaşının gözlərinə baxıb, qəti bir səslə: – Yox, bir-birimizə tay deyilik! – deyib, susdu. Yüzbaşı şirin dilini işə saldı, Ayişənin xoşbəxt olacağını, ağalıq evə köçəcəyini söylədisə də, kişi razı olmadı. Yüzbaşı təkrar-təkrar onu inandırmağa çalışdı: – Sən də məaf olarsan, – dedi. – Heç bir vergi verməzsən, külfətin də rahat yaşar. Dəyirmançı onun sözlərini kəsdi və sağ əli ilə yüzbaşının çiyninə vurub, dedi: – Bilirsən, qardaşoğlu, beş qızım var, tanrı mənə oğul züriyyəti məsləhət görməyib. Mən istəyirəm ki, Ayişəni bir oğlana verim, gəlib bu dəyirmana yiyəlik eləsin, mən də başımı yerə qoyanda arxayın olum, bilim ki, yerimdə oğul qoyub gedirəm, balalarımdan muğayat olacaq... Ağa mənə boyunduruq yoldaşı ola bilməz!.. Bildin? Sözün düzü yaxşı şeydir!.. Yüzbaşı nə qədər anlatdı, dəyirmançı yola gəlmədi ki, gəlmədi. Yüzbaşı onun tərsliyini əvvəlcədən də bilirdi, indi də öz-özünə: “Sünnidir, tərs damarına düşdü, bitdi”, – deyib, işin ehmallıqla olacağından əl üzdü. Dəyirmançı Osman Mehralı bəy zamanı Şirvana edilən bir çapqında əsir gətirilib, on-on beş daxmalı bu kənddə ilk bina qoyanlardan idi. Təbiət etibarilə təqiyyə və hiyleyi-şəri ilə tərbiyələnmiş şiə qonşularına heç də bənzəmirdi: qəti, doğru, sözündə bir, hərəkətində sabit bir adam idi. Xalq arasında ona inad Osman deyərdilər. Yüzbaşı bunların hamısını bilirdi. Odur ki, ümidsiz bir halda gəlib, Məmməd bəyin dəstəsinə qoşuldu, lakin yenə ümid verərək, onu ovundurdu. Məsələ üç gün uzandı. Yüzbaşı Məmməd bəyi təskin etmək üçün onu yaxındakı meşəyə ova apardı, əyləndirib, başını qarışdırmağa çalışdı və eyni zamanda da kəndin ağsaqqallarını Osmana minnətçi saldı. Osman dediyindən dönmədi. Axırda Ayişəni kəhriz başından götürüb qaçmaqdan başqa çarə qalmadı. 23 Fətəli xan Kür qırağındakı məğlubiyyətdən sonra yenə osanmadı: Hacı Məlik Məmməd xanı İbrahim xandan tələb edir və yenidən qoşun toplayırdı. 1780-ci ilin avqust ayında Fətəli xan on bir min qoşunla yenə Kürə tərəf hərəkət etdi. Lakin ləzgilər maaşlarını vaxtında almadıqları üçün yolda dağılıb evlərinə getdilər. Payızın son ayında yenə Qubadan əndişəli xəbərlər gəlmədə idi. Mirzə Əliməmməd ağa Qubaya 7-8 min əsgər toplandığını Səfərin vasitəsilə öyrəndi. Məsələni Vaqif bilib İbrahim xana söylədi. Xan yenə inadında davam etmək istədikdə Vaqif mülayim səslə başladı: – Xan, – dedi, – mənim sənə olan sədaqətimi bilirsən. Bilirsən də ki, aciz məsləhətlərimlə həmişə xanlığın şən və şövkətinə çalışmışam. Dünya görmüş adamlar, məmləkət gərdişindən baxəbər şəxslər belə bir qayda qoymuşlar: “Ba dustan mürüvvət, ba dümənan müdara”*. Cahandidə və karazümüxdə kəslərin məsləhətindən çıxan hökmdarlar xeyir aparmamışlar. Biz Fətəli xanla müdara ilə dolana bilərdik. Bu qədər qoşunkəşlik həm xanın xəzinəsinə ziyandır, həm də el və ulusa. Başqa cür rəftar etsək, yaxşı olmazmı? Xan hiddətindən dodaqlarını gəmirir, hirsindən gözləri qan çanağına dönürdüsə də, Vaqifin dediklərinə qarşı bir söz tapa bilmirdi: – Yaxşı nə edək? – deyə titrək səslə soruşdu. Vaqif bir az da mülayim və mehriban səslə dedi: – Əvvəlcə də qulluğuna ərz etmişdim. Hacı Məlik Məmməd xanı zindanda saxlamaqdan heç bir mənfəətimiz yoxdur. Buraxaq, amma şərt qoyaq. – Nə şərt? – deyə xan onun sözlərini kəsdi. – Deyək, Fətəli dinc durmasa, Ağaməmməd xanla birləşib, onun torpağını at torbasında daşıdacağıq. – Fətəli inanarmı? – İnandırrıq. Ortalığa bir qohumluq məsələsi də atarıq, nə eybi var, qoy Fətəli xanın bacılarından birisi xanın hərəm dairəsinə daxil olsun. Xanı qəzəbi bir az yatan kimi oldu. O, düşündü və üzünün sərt cizgilərində bir ehtiras alovu da sezildi. Birdən xan qalın qaşlarını oynadaraq, nə isə düşündü və üzü yenə vahimə ifadəsilə doldu: – Bəs Gəncə Məmmədə nə deyirsən? – deyə istehza ilə gözləri çıxarılmış Məmməd xana işarə etdi. Vaqif cəld: – Məmməd cəzasına çatmışdır, – dedi. – Xanın üzünə ağ olan əcrini çəkməlidir. Ancaq... əhli-əyalı xanımıza qarşı heç bir qəbeh hərəkətdə olmamışdır. Əlsizayaqsız zənən xeylağı və səqirələrə xan həmişə imdad göstərmişdir. Odur ki, tanrı da həmişə xanın başından var-dövlət yağdırmış və qılıncını kəskin etmişdir. Əhliəyalı üsrət çəkir, gözləri hatəmtayı qədər səxi xanımızın əlindədir. Xan büsbütün yumşaldı: – Məsləhət necədir, Şahməmmədə buyur, eləsin! – dedi və birdən gülərək nə düşündüsə topa saqqalını tumarlamağa başladı. O günü Hacı Məlik Məmməd xanı zindandan çıxardılar. İki ildən bəri dəllək və hamam görməmiş yazıq Bakı xanı yaman halda idi: saçı-saqqalı uzanıb, cırıqcındırlı gövdəsini tutmuşdu; bütün bədəni həşərat yuvası olmuşdu. Vaqif onu hamama göndərtdi, başını qırxdırıb, saqqalını vurdurdu və bir dəstə isti paltar bağışladı. Qışın sərt bir zamanı idi. Qar və çovğun yolları basmışdı. Ağdamla Şişə arasında gediş-gəliş kəsilmişdi. Bu il çox adam yolda ya donub ölmüş, ya da qar basmış uçurumlara düşüb yox olmuşdu. Buna görə Vaqif Bakı xanını evinə qonaq gətirib, hava açılana qədər saxladı. Bu mömin və mülayim kişidən bir dəri, bir də sümük qalmışdı. Bütün çəkdiyi əzablara baxmayaraq, yenə təvəkküldə təsəlli tapırdı. – Ağa, – dedi, – bütün bu qəzavü-qədər alnımıza yazılmış imiş. Qismətdən artıq yemək olmaz. Hər şey Allah yanındadır... Vaqif bu mömin kişinin sözlərini xoş bir təbəssümlə dinləyərək: – Xan, İnsan faili-muxtardır, – dedi. – Allah İnsana ağıl verib, idrak verib, sən bunlara qulaq asmayandan sonra Allah neyləsin? Hacı Məlikməmməd xan Vaqiflə razılaşmadı: – Heç bir şey Allahsız deyil. Beylə də gərək olaydi. Müluki-islam Allahdan üz döndərib, Allah talaya səza olmayan zülmlər törədir. Bu zülmlərin cəzasını elə bu dünyada çəkirik. Özün alimsən, ülum və təvarixə vaqifsən, bilirsən ki, bir quş tükünü vaxtsız tüləmişdi, çılpaq idi. Allah tala əmr buyurdu – o il qış düşmədi, qar yağmadı. Xəllaqi-aləmin qüdrətindən hava yay kimi isti oldu, ta ki, aciz quşcuğaz tük gətirdi. Bu rəhmdil tanrının yer üzündə şəriətini güdən zillüllahlar bunun yüzdə birini edirlərmi? Abadiye meyxanə, zi viraniye-mast, Cəmiyyət küfr əz pərişaniye-mast, İslam bə zate-xud nə darəd eybi Hər eyb ki, həst dər müsəlmaniye-mast Kafirliyin cəmiyyəti bizim pərişanlığımızdandır. – Yox, axund, cifeyi-dünyaya aldanıb, boğazımıza qədər günaha batmışıq... Zindanda nəzir eləmişəm, Bakıya çatan kimi təxti-səltənət varağasını büküb, Məkkəyi-mükərrəməyə ziyarətə gedib, ali-əbayə dəxil düşəcəyəm. Xan sözlərini bitirib, təsbeh çevirməsində davam edirdi. Vaqif isə xoş və hörmətkar bir təbəssümlə bu saf qəlbli qocanı seyr edir və onun söylədiklərini düşünürdü. Üç gündən sonra hava açıldı. Hacı Məlikməhəmməd xana at verildi və yanına da iki nökər qoşulub, yola salındı. Onun buraxılması, doğrudan da, Fətəli xanın Qarabağa səfərinə mane oldu. Fətəli xan kinində israr edirdisə də, Şamxal ilə Şirvan xanı boş yerə qan tökməyə razı olmurdular. 24 Ayaz bir axşam idi. Gündüz yağan qar toxtamış, ay aləmə sədəf saçırdı. Vaqifin evdə oturmağa qərarı gəlmədi. Buxarının o biri tərəfində oturub, corab toxuyan Qızxanıma yönələrək: – Ay Qızxanım, yığış bir xangilə gedək, – dedi. Qızxanım cavab vermədisə də, corabın millərini çıxarmadan büküb, ayağa durdu və o biri otağa keçdi. Lələ Vaqifin paltarını və papağını gətirdi. On beş dəqiqə sonra hazır oldular. Qızxanım kənarı xəzli məxmər katıbı geyinmişdi, ayaqlarına da yarımcorab geyib, dizlərində bağlamışdı. Başında yun qumaşdan çalması vardı. Vaqif də samur kürkünü geyib, yola düşdülər. Ay işığına baxmayaraq, iki əli fanuslu nökər qabaqca, ikisi də arxadan gəlirdi. Fanusların qalaylanmış mis dairələri ay işığında parlayırdı, boru şəklində bir arşın sallanan qat-qat ağ qumaşı isə yenicə nişastalanıb, mumlanmışdı. Aşağı mis dairədə yanan şamın şöləsi aydın görünməyirdisə də mumlu qumaşdan keçib, yolu işıqlandırır və qonaq gedən qafiləyə ayrıca bir dəbdəbə bağışlayırdı. Saraya gəldikdə Qızxanım xanımlar dairəsinə, Vaqif isə xanın qış otağına keçdi. Buxarı çırthaçırtla yanır, işığı divarların tutqun rəngli nəqşlərinə, əlvan pərdələrə və xalılara düşürdü. Buxarının iki tərəfindəki taxçalara qoyulmuş şamdanlarda şamlar şölə çəkərək yanırdı. İbrahim xan ipək püştələrə söykənərək Kələntər Ağası bəylə fincan oyunu oynayırdı. Gənc bir pişxidmət də kənarda ayaq üstə durub, əmrə hazır bir vəziyyət almışdı. Fincan oyunu çox da mürəkkəb bir şey deyildi: qalaylı bir məcməyiyə üzüqoylu on iki princ fincan düzülür, fincanlardan birinin altında bir üzük gilzlədilirdi. Oyunun müvəffəqiyyəti üzüklü fincanı tapmaqda idi. Vaqif içəri girdikdə pişxidmət fincanları yenicə düzüb gətirmişdi; əl xanda idi, düşünüb fincanların birini qaldırmaq istəyirdi ki, Vaqifin gəlməsini görüb, qəhqəhə ilə: – Axund, özünü yerində yetirmisən, – dedi. – Kələntəri xoruza yükləmişəm. Eyzən gül vururam*. Vaqifə yer göstərdilər, buxarının qırağında oturdu. Xan ona müzəffər bir nəzərlə baxıb, təkrar öyünməyə başladı: – Kələntər elə bilir ki, mən buna Əliməmmədəm, gözümü açmağa qoymayacaq. Bir bax, bu da biri! – deyə xan məcməyinin kənarına düzülüb, dairə təşkil edən fincanlardan birini qaldırdı. Üzük orada deyildi. Ağası bəy gülümsündü. Xan pərt olub, qarşı tərəfdən yenə bir fincan qaldırdı, yenə üzük çıxmadı. Hiddəti bir az da artdı. Ağası bəy xanın çənəsinin əsməsinin fərqinə varıb, sükuta daldı. Xan əlini qeyzlə havada fırladıb, üçüncü bir fincana uzatdıqa Kələntərin rəngi qaçdı; o, üzüyün bu dəfə çıxmasını bütün səmimiyyətilə istəyirdi. Lakin üzük tərsə düşüb, yenə çıxmadı. Xan üçüncü fincanı məcməyinin ortasına çırpıb pişxidmətinə tərəf çöndü: – Gəl, bunu yığışdır! – dedi, səsindən ətrafa vahimə çökdü. Vaqif xanın qəzəbini yumşaltmaq üçün tamamilə məsələyə dəxli olmayan bir söhbətə başladı: – Xan, – dedi – bu gün əlimə qəribə bir kitab düşüb, bu ölkənin tamam qədim əhvalat və qəziyyələri yazılmışdır. Bilirsən ki, təvarixin müştaqiyəm. Xan maraqlanan kimi oldu: hirsi o saat yatdı. Vaqif xanda olan dəyişikliyi sezərək, sözlərinin arasını kəsmədən nağıl eləməyə başladı: – Hələ hicrəti-xatəmələnbiyadan*min il qabaq bizim bu Qarabağda zərdüştilər yaşarmış. Turan elləri Dərbənddən, səddi-Iskəndərdən keçib, buraları yəğma edərmişlər. “Şahnamə”də rəvayət olunan IranTuran davası bizim Kür ilə Araz arasında vaqe olmuşdur... Bizim bu ölkənin başından çox qəribə qəziyyələr gəlib keçmişdir. Ağası bəy asudə nəfəs alaraq özünü düzəltdi, quru, lakin möhkəm döşünü irəli verərək söhbətə qarışdı: – Rəhmətlik Pənah xan Əfşar Fətəli xanın üstünə gedəndə, məlumi alinizdir ki, mən yaralanıb bir neçə vaxt Ərdəbildə yatdım. Bəylərbəyi məni bir dərviş zaviyəsinə tapşırmışdı. Orada pustnişin bir qoca şeyx var idi. Gecə-gündüz ibadətlə məşğul idi. Özü də həkimi-haziq idi: yaramı da yaxşı eliyən o oldu. Ibadətdən sonra yanıma gəlib döşəyimin yanında oturardı. O da bu qəziyyələri mənə demişdi. Onun dediyinə görə Aran böyük bir ölkə imiş, məqərrər-səltənəti†də Gəncədə imiş. Amma Allah bu gözəl ölkəyə ilanı qənim yaratmış imiş: gürzələr, əfilər bu yerdə qaynaşırmış... İbrahim xan tamamilə sakit olub, maraqla soruşdu: – Bəs bu ermənilər harada imiş? Vaqif sakit səslə: – Ermənilər buralara çox sonralar gəlmişlər; bunlar Çingiz və Teymurləngin zülmündən qaçıb, bu dağlara sığınmışlar. Görmürsənmi, erməni yaşayan yerlərə “sığınaq” deyirlər... ermənilər başı bəlalı tayfa olublar. Söhbət qızışdı. Vaqif Şərq tarixinə dair xanın indiyə qədər eşitmədiyi bir çox şeylər nağıl elədi. Sonra lətifələr başlandı, başdan keçən macəralar və vəqəlar söyləndi. Vaqif Qarabağa təzə köçən vaxtı Xanməmmədlə gəzməyə getdiyini anlatdı: – Cavan vaxtımızdı, – dedi, – adama bir pənavat qoyub, Topxanaya gəzməyə getmək istədik. Curlar yığıldı. Xanməmmədin pulu olmadı. Dedik, heç olmasa, get evdən bir az yağ, bir neçə də yumurta gətir. Xanməmməd gedib ləng oldu. Gözlədik gəlmədi. Məni dalınca yolladılar. Getdim, gördüm anası bunu təndirin yanında oturdub, özü çörək yapır, bu da çörəkləri şişə keçirib, çiy yerlərini təndirdə qızardır. Gəzməyə getdiymizi də anası bilmirdi. Xəlvətcə çıxıb getmək istəyirdi. Xülasə, kənardan durub, Xanməmmədə baxırdım, bir də gördüm ki, qurşağından yax axıb, arxalığı aşağı süzələndi. Arvad bunu görcək: – Gör yağı oğurlayıb, harasında gizlədib! – deyə Xanməmmədin başına bir cüt qapaz saldı. Xanməmmədin saqqalı aşağı yumurta axıb tökülməyə başladı. Demə, yumurtaları da anasından xəlvət götürüb, papağının altına yığmış imiş... Xan uğunub getdi. Kələntərin gülməkdən gözləri yaşardı. Lətifələrin şirin yerində pişxidmət məcməyidə alma, armud, nar, heyva və əzgil gətirib, qonaqların qabağına qoydu. Bunların hamısı bağbaşı olaraq kəndlərdən göndərilmişdi. * * * 1 Şuşanın sağ cəhətindəki dağ 2 Vergidən azad edilmiş nökərlər 3 Qədimi-hər cür vergidən azad edilmiş nökərə deyərdilər. 4 Təsəddüq-sədəqə, qurban 5 Püştələr-yastıqlar 6 Yaldızlı-qızılı və ya gümüşü, parlaq. 7 Qəzəh-qövsü-qüzey (göy qurşağı). 8 Mətrət-içinə ağartı və ya şərbət tökülən böyük saxsı qab. 9 Dərvişin töhfəsi quru meyvələr 10 Günortaya 11 Daaş-dadaş 12 Şuşa yaxınlığında kənd 13 Məhsulun onda biri-xana çatan vergi 14 Şuşaya 15 Binanın içəri tərəfindəki dib otaq 16 Üstdən çiyinə salınan bürüncək 17 Dördkünc 18 II Irakli 19 Pənah xanın kəsdirdiyi pul 20 Kirik rütbəli ruhani 21 Vərəm 22 Xına ilə düzəlmiş xüsusi dərman 23 Əlyazmasının bu yerində Vaqifin adının qabağında ərəb əlifbası ilə “şer” sözü yazılmışdır. Görünür, Vaqif Məmmədhəsən ağaya şerlə cavab verməli və yaxud cavab verdikdən sonra bir şer də deməli imiş. Lakin müəllif nəzərdə tutduğu həmin şeri mətnə salmamışdır. 24 Peterburq 25 Şəriətin tətbiqinə baxan məmur. 26 Xan təsərrüfatına baxan məmur. 27 Pərvanə qanadı şəklində qayırılan qızıl bəzək. 28 Sənin bu dünyada qazandığın bircə kəfəndir ki, onu da aparıb-aparmayacağına güman yoxdur. 29 Dünyada kimin ki, bir çörək parası var, Bir də oturub durması üçün bir daxması var, Heç kimsəyə o, demə, nə quldur, nə ağa Gülsün, yaşasın, desin ki, xoş dünyası var. 30 Məktublaşmanı 31 İyirmi qəpik dəyərində sikkə 32 Noğulları hər kəs yesəydi, bu xeyir iş onun da başına gələrdi 33 Yəni: vaxt qənimətdir 34 Narazılıq, düşmənçilik 35 Zorxanada idman işlərinə rəhbərlik edən 36 Şuşa şəhərinin şimal-şərq tərəfindəki qədim torpaq yola “Kəhrat” yolu deyirlər. 37 Dosta mürüvvət et, düşməni yola ver. 38 Meyxanənin abadlığı bizim viranlığımızdandır. 39 “Gül vurmaq”, ilk əldə üzüyü tapmaq deməkdir 40 Məhəmmədin Məkkədən Mədinəyə köçməsindən 41 Mərkəz şəhəri * * * İkinci hissə 1 Şimaldan gələn xəbərlər saray mühafillərində böyük əndişələrə səbəb olurdu. Tiflisdən Mirzə Əliməmməd ağaya yazıldığına görə, şimali Qafqazdakı Qızlar qalası tərəfə rus qoşunu toplanırmış, İraklinin yanına bir rus gəlib, nə isə danışırmış... Fətəli xan da köhnə kininə davam edərək, Kürü tez-tez keçir, Qarabağ kəndlərini dağıdır və xalqı Qubaya əsir aparırdı. İranda əvvəlki kimi yenə xanların bir-birilə çarpışması davam edir və bəzən Arazın bəri tərəfinin də asayişini pozurdu. İbrahim xan bir tərəfdən Şişəni bərkidir, o biri tərəfdən də Kür və Araz qırağında qoşun saxlamaq məcburiyyətində qalırdı. Daxildə də işlər yolunda deyildi: erməni məlikləri və keşişləri rus sarayı ilə olan əlaqələrində davam edirdi və Qarabağın hərbi əhəmiyyəti olan bütün əhvallarını ruslara bildirirdilər. Rusların nəzərini cəlb etmək üçün onlara imkan dairəsinə sığmayan vədlər verirdilər: böyük ordu və sursat təklif edirdilər, ölkədə mövcud olmayan gümüş mədənlərindən bəhs edirdilər... Xan qaynı Cümşüdü yanına çağırtdırdı. Cümşüd qorxu içində gəldi. Xan Ağası bəylə oturub, düşüncəyə dalmışdı. Cümşüd salam verdi. Xan onun salamını almadı. Bir az ayaq üstə qaldıqdan sonra xan onu qəzəblə süzüb: – Otur! – dedi və həyəcanla danışmağa başladı: – Balam, sən erməni, mən müsəlman – heç məndən əziyyət görmüsən? Cümşüd itaətli bir halda: – Allah eləməsin, xan, – dedi, həmişə hörmət görmüşük! – Bacın neçə ildir ki, mənim əyalımdır, məndən güldən ağır bir şey eşidib? – Allah eləməsin! – Atan məndən, ya rəhmətlik atamdan heç incimişdi? – Allah rəhmət eləsin, nə rəhmətlik Pənah xandan, nə də səndən bir tikə də inciməyib. – Yaxşı, bəs bu məliklər məndən nə istəyir? Deyirlər ki, Dızaq məliyi Isa ruslara bel bağlayıb, alt-üst danışır. Bilmir ki, bir İsanı, on İsanı, yüz Isanı, – burada xanın səsi yüksəldi, – yox eləmək mənim əlimdə bir qurtum su içmək kimi bir şeydir!.. Cümşüd yavaş səslə: – Əlbəttə ki, xan!.. – dedi. – Bilirsən ki, bu başı batmış dörd məlik mənim atamla da düşmənçilik edib. Qudurğanlıq edirlər. Xan yenə hiddətləndi: – Qudurğanın boynunu sındırarlar! – dedi. Rəhmətlik atam o qudurğanların kəllələrindən Xaçında minarə tikdirdi, yenə ağıllanmadılar? – Xan bir ağız dayanıb, neypuşun ucunu yanıqla dodaqlarına söykədi və bir iki dəfə çəkib, sakit oldu. Ehmal bir səslə sözünə davam etdi: – Biz dedik, müdarə ilə dolanaq, sənin bacını aldım ki, aralıqda qohumluq da olsun. Daha üzdə bir, dalda da ayrı cür olmaq demədik. Adam yorğanına görə ayaq uzadar, cəmi Qarabağ xanlığında 6 min evsiniz, bir dəfə göz eləsəm, sizin toxumunuzu yer üzündən kəsərlər. Amma mən pislik eləmək istəmirəm. Deyərlər: “Papağın keçi dərisindən, xəbərin yoxdur gerisindən”. Adam gərək gerisini düşünsün. Petro padşah sizə nələr vəd eləmişdi, nə oldu? Köməyə gələrəm deyə, “dəliyə yel, əlinə bel” verdi, sizi müsəlmanların canına salmaq istədi. O qonaq idi – gəldi, getdi, ortalıqda qırılan siz oldunuz. Bu, yaddan çıxdı? Xan susub, qəlyan çəkməyə davam etdi. Birdən neypuşu ağzından çıxartdı, əli titrəməyə başladı, çənəsi əsdi: – Ağası! – deyə kələntərə müraciət etdi: – Bu saat Dızağa üç yüz atlı göndər o köpək oğlu İsanı tutub assınlar, evini, mülkünü dağıtsınlar! Daşı daş üstə qoymasınlar! Mən onu Dızaq sığnağına yüzbaşı tikdim, daha başıma bəla demədim. Ağası bəy dik qalxdı: – Baş üstə! – deyib, yanı-yanı çıxdı. Cümşüdün rəngi üzündən götürülmüşdü: xan ilə yalqız başına bir otaqda qalmaq ən böyük bir əzab idi. Yaxşı ki, xan ansızın: – Gedə bilərsən! – dedi və Cümşüd ayağa qalxıb, getdikdə xan bir az mülayim bir səslə: – Get, ermənilərə söylə ki, ağıllarını başlarına yığsınlar! Cümşüd ancaq artırmaya çıxdıqda dərin və asudə nəfəs ala bildi. Otaqda tək qalan xan bir neçə dəfə qalxıb-oturdu: bardaş qurdu, rahat olmayıb, dizi üstə əyləşdi, təkrar döşəkçəni düzəldib, bardaş qurdu. Bu əsnada qapının yanında dik durub qalmış pişxidmət öskürdü: xan cəld çönüb, onu heyrətlə süzdü: – Nə öskürək vaxtıdı bu? – deyə qışqırdı. – Get Şahməmmədi bura çağır! “Şahməmməd” adı eşidəndə pişxidmətin rəngi saraldı. Gözlərinin yaşını axıdaraq səcdəyə düşdü: – Atam, anam sənə qurban, xan! – dedi. – Məni əziz balalarının başına çevir. Biədəblik elədim, öskürdüm! Xan xalı üzərində üzüqoylu düşmüş nökərinə baxıb, bir şey anlamadı. Nökər yalvarıb, ağlamasında davam edirdi. Birdən xan qəhqəhə ilə gülərək: – Dur, axmaq! Şahməmmədi ayrı iş üçün çağırıram! – dedi. Pişxidmət başını qaldırıb, şübhəli gözlərlə xana baxdı və qəribə bir təşəkkür ifadəsilə: – Belə sənə qurban olum, ay xan! – deyib otaqdan çıxdı. Bir az sonra Şahməmməd içəri girdi. Bu bədheybət adam xanın gözünə sataşdıqda, sanki xan ona qarşı bir ikrah duydu, üzünü turşudaraq: – Bu nədi? – dedi. – Eşitdim, qardaşın yenə təzə bir igidlik göstərib?! Şahməmməd məsələni bilirdi, başını aşağı dikib, xəcalətindən tərlədi, Vaqifin içəri girməsi onu bu ağır vəziyyətdən qurtardı. Vaqif oturub, məsələni duyar-duymaz: – Xanməmmədmi? – dedi. Dostum da olsa, bir az qorxaqdır! Xan sərt bir səslə dedi: – Çağırtdır, gəlsin görüm! Şahməmməd baş əyib getdi. Xanın yenə üzü sərtləşməyə başladı. – Axund – dedi, – görürsən, ermənilər yenə tüğyan edib. Elə deyirsən, müdara ilə dolan. Bu da müdara! Badaralı Gapı Ballıca yolunu kəsib, gəlib-gedənə sataşır. Dığanın biri də qaçaqlıq eşqinə düşüb, üstümüzə ayaq alıb. Vaqif düşüncəli: – Bunlar hamısı məliklərin işidir, – dedi, – xalqı qızışdırıb, avara qoyurlar. Elə bilirlər ki, rus gəlib, bunları xan edəcək. Xan Dızaq sığnağına atlı göndərdiyini söylədi. Vaqif heyfsilənən kimi oldu və dedi: – Nə etməli – ayrı əlac qalmayır. Bunlar dinc otursaydılar, elə vətənləri Loristanda qalardılar, daha qaçıb Qarabağa gəlməzdilər. Ortalığa bir sükut çökdü. Bu əsnada qapı bərk açıldı, içəri altıyeddi yaşlı, ağ sifətli, ala gözlü gözəl bir qız uşağı girdi. Gizlənirmiş kimi yürüyüb, xanın qucağına sığındı. Qapının arasından eşidilən qadın pıçıltısı divarın yanında dik durmuş pişxidməti yerindən dəbərtdi: o, qızı götürüb aparmaq məqsədilə irəli yeridi. Mehriban gözlərlə uşağa tamaşa edən Vaqif: – Qoy dursun! – dedi və əllərilə uşağa işarə edərək: – Ağabəyim ağa, gəl əmiyə! – deyə çağırdı. Uşaq xoş bir təbəssümlə Vaqifə baxır və körpə əlilə atasının boynunu oxşayırdı. Xan qızının qumral telli başından öpüb: – Əmisi, – dedi, – bax, qızım da sənin kimi şeir bilir. Ağabəyim ağa utanaraq daha da atasına sığındı. Vaqif mehriban və oxşayıcı bir səslə: – Bəyim bir oxusun, görüm! – dedi. – Yox, deyəsən, bilmir. Uşaq zənn ilə Vaqifə baxıb: – Xeyir, bilirəm! – dedi. Xan: – Oxu! – deyə qızın qulağına pıçıldadı. Uşaq çəkinərək qalxdı və pəncərənin şəbəkəsinə baxaraq xoş və cəsur bir səslə oxudu: Əlimi bıçaq kəsibdir, Dəstə bıçaq kəsibdir, Yağ gətirin yağlayım. Dəsmal gətirin bağlayım. Dəsmal dəvə boynunda, Dəvə Şirvan yolunda, Şirvan yolu buz bağlar Dəstə-dəstə gül bağlar, O gülləri üzəydim, Tellərimə düzəydim, Qardaşımın toyunda, Sındıra-sındıra süzəydim. Uşaqlara məxsus bu gözəl xalq şeri, bir də onun gözəl bir uşaq tərəfindən oxunması Vaqifi heyran qoydu. – Ay afərin! Ay afərin! – deyə uşağı yanına çağırdı. Lakin Ağabəyim şən addımlarla atılaraq otaqdan çıxdı. Uşağın gəlib-getməsi hərədə bir fərəh oyatdı. Xan belə bütün qəzəbini unudub, ata eşqilə qızından nağıl eləməyə başladı: – Axund, çox zehinli uşaqdır, – dedi. – Çərəkəni qurtarıb, indi quran oxuyur. Hər nə görür, soruşub kökünə çatmaq istəyir. Nə qədər tapmaca bilir. Vaqif fərəhlə: – Diribaş uşaqdır! – dedi. – Mən görməyəndən bəri, maşallah, yekə qız olub. Baba lələnin içəri girməsi Vaqifin sözlərini kəsdi. Xanməmmədin gəldiyini ərz etdi. Xan əvvəlcə gülümsündü, sonra ciddi bir sifət alıb: – Gəlsin! – dedi. Xanməmməd üstü tüklü burnunu çəkə-çəkə içəri girdi, papağının gülləri nəmişlənmişdi, görünür hava çiskin idi. Xan qəzəblə soruşdu: – Deyirlər, qaçaq Gapıdan qorxub, Allahı-peyğəmbəri danmısan?! Xanməmməd başını aşağı salıb dinməyirdi. Vaqif sezilməz istehza ilə baxırdı. Xan qəti: – Düzünü de görüm, necə oldu? – dedi. – Bax, birini altdan-üstdən desən, başın cəllad əlindədir! Cəllad sözündən Xanməmmədin əti çimçəşdi, rəngi saraldı: – Düzünü deyim... Neyləyim... İş İnsan başına gələr... Xan sağ olsun, Ballıca çayından keçib gəlirdim. Bir də meşəlikdən bir səs eşidib bərk... qorxdum. Durdum. Görəm qaçaq Gapı. Dedi: “A köpək oğlu müsəlman, deyinən Məhəmməd peyğəmbər yalançı idi, İsa doğruçu”. Xan sağ olsun, baxdım gördüm, deməsəm, bu məni vuracaq... Yer də pis yer idi, o meşədə, mən düz yerdə... Can da şirin şeydir... Əlacım kəsildi, dedim. Dedi: “Deyinən Allah da bir şey deyil, asdos1yaxşıdır”. İstədim bir nəfəs alıb fikirləşim, gördüm köpək oğlunun ermənisi məni vuracaq, balalarım yetim qalacaq... Xan qəzəbləndi: – Demək, aftafa görməmiş bir dığadan qorxub, Allahı da dandın? Xanməmməd bir az cəsarətlə: – Ay xan, – dedi, – vallah, yer çox pis yer idi, sən olsaydın, elə Gapının özünə də “Allah” deyərdin! Xan şaqqıltı ilə gülməyə başladı. Vaqifin də barmağını kəsəydin özündən xəbəri olmazdı. 2 İbrahim xan Məmməd bəyi yanına çağırıb dedi: – Oğlum, igidliklərini eşidib, fəxr eləyirəm. Ancaq sən Kürü aşıb, Şirvan torpağını dağıdanda, qancıq Fətəli də acığa düşür, o da bizim kənd-kəsəyi çalıbçapır. Əgər igidlik axtarırsansa, nökərləri yığ, get qaçaq Gapının dalınca. Eşitdinmi? – Eşitdinmi, əmi! – Əvvəl başdan Badara məliyini asdırarsan! Sonra yer deşiyindən də olsa, Gapını tapıb, cəzasına yetirərsən. Mən Naxçıvana gedirəm. Qoduq Kəlbəli qudurub, məni tanımaq istəmir. Onun burnunu ovmaq lazımdır. Gapını tələf etdikdən sonra Xudafərin körpüsünə çıxarsan, bir yerdə Naxçıvana gedərik. Məmməd bəy elə həmin günü yola düşdü. İbrahim xan da qoşunun əgərəskiyini düzəldib, iki gündən sonra Naxçıvan səfərinə çıxdı. Yerində qoyduğu Kələntər Ağası bəyə asayişi təmin etmək üçün böyük səlahiyyət verdi. İbrahim xan Xudafərin körpüsünə çatdıqda Məmməd bəyi orada gördü: Gapının nizə ucuna keçirilmiş başı xana təqdim olundu. Xan Məmməd bəyə və nökərlərinə xələt verdi, yola düşdülər. İravan xanlığı Gürcüstana tabe olaraq İrakli xana bac verdiyi kimi, Naxçıvan da Qarabağ xanına tabe olmalı idi. Lakin Kəlbəli xan Rusiya tərəfdarı olan Xoy xanı Cəfərqulunun təsirinə düşərək, İbrahim xanı tanımaq istəmirdi. İbrahim xan bunu şərəfinə sığdıra bilməyib, Kəlbəliyə cəza verməyə tələsirdi. Hava olduqca isti idi. Qoşun pərakəndə bir halda çılpaq çöllərlə gedir, yerdən qopardığı toz aləmi bürüyürdü. Nəhayət, gəlib Naxçıvan civarına çıxdılar. Adda-budda salınmış bağlar, qovunqarpız bostanları, pambıq tarlaları başlandı. Qoşunu görən kəndlilər qaçır, ətrafa çaxnaşma düşürdü. Birdən uzaqdakı bir bağın arxasından toz qopdu. Bu – Kəngərli süvariləri idi ki, türk elləri arasında igidliklərilə məşhur idilər. Məmməd bəyin dəstəsi çaparaq atları qarşıladı. Qılınclar parlayır, qışqırtılar, nərələr havanı titrədirdi. Məmməd bəyin ilk zərbəsindən uzun bığlı, sallaq birçəkli bir sərkərdənin başı qələm kimi atıldı. Onun yerinə atılan bir ayrısının çiyninə qılınc işlədikdə, atdan yerə yıxıldı. Səfər də bir tərəfdən soxulub, sağa-sola qılınc çalırdı. Kəngərlilər sınıb geri döndülər. Məmməd bəyin dəstəsi onları qıra-qıra təqib etməyə başladı. Naxçıvan qalası mühasirə olundu. İki mis top şəhərə qumbara yağdırır, nökərlər də xəndək ata-ata qala divarlarına yaxınlaşır, nərdivanlar qoyub, bürclərə çıxmağa hazırlaşırdılar. Bu əsnada çapar Qaradağ xanı Mustafanın Qarabağa hücum etdiyini xəbər gətirdi. İbrahim xan çadırda oturmuşdu, bu xəbər onu sarsıtdı. Çünki Mustafa xanı bir dəfə əsir almış, özünə tabe etmişdi və bir dəfə də ona qoşun verib Təbrizin üstünə göndərmişdi. Düşünmək yeri deyildi: İbrahim xan əmr verdi, şeypur çalındı; qoşun sürətlə toplanıb, geri çəkilməyə başladı. Bu əsnada Kəlbəli xanın köməyinə gəlmiş xoylu Cəfərqulu xan və balbaslı Məmmədşərif soltanın atlıları arxadan çıxdı. İbrahim xan əmr verdi, zəmbərək toplu dəvələr xıxırdıldı, zəmbərəklərdən atəş açıldı. Düşmən sıralarından bir neçə adam atlardan töküldülərsə də, həmlənin önü alına bilmədi: İbrahim xanın da süvariləri irəlilədi. Tüfənglər açılır, qılınclar endirilirdi. Qarabağ qoşunu düşərgəyə tərəf sıxışdırıldığı zaman Məmməd bəy Məmmədşərif soltanı vurub atdan saldı. Səfər də bir ayrı sərkərdəni öldürdükdə düşmən qoşununu sınmağa başladı. Axşam çağı Kəlbəli xanla Cəfərqulu xan geri çəkilmək məcburiyyətində qaldılar. Meyitlər və yaralılar ətrafa sərilmişdi. Sağ qalanlar ələ keçən qənimətləri ulaqlara yükləyirdilər. Axşamın sərinliyindən istifadə edərək, İbrahim xan da geri çəkildi. Yolda Məmməd bəy Səfərə dedi: – Səfər, qoşun ayağı ilə getsək, gec olacaq: Mustafa xan kəndləri çalıb-çapıb, qaçacaq. Gəl, çaparaq gedək. Məmməd bəy xan ilə məsləhətləşib bir dəstə nökərlə irəli getdi. O biri gün axşam çağı Arazın qırağında Qarabağ kəndlərini talayıb, geri dönən Mustafa xana rast gəldilər. Bir təpənin arxasilə sürünüb, ansızın olaraq hücuma keçdilər. Məmməd bəyin ilk zərbəsi Səfiqulu bəy adlı bir sərkərdəni atdan saldı. Məmməd bəyə yandan soxulan Məmmədvəli soltan da yaralanıb çəkildi. Mustafa xan vəziyyəti belə görcək özünü çaparaq Araza vurub keçdi. Səfər yerdə qalan qaradağlıları budayırdı. Birisi ona bir qılınc endirdi. Səfər cəld çəkildisə də, qolundan yaralandı. Artıq qələbə qarabağlılar tərəfdə idi. Qaradağlıların sağ qalanı özlərini çaya atıb, yaxalarını qurtarmağa can atırdılar. Yerdə on-on beş meyit və yaralı qalmışdı. Yeddi-səkkiz at yükü də kəndlərdən qarət olmuş şey buraxılmışdı. Məmməd bəy, vuruşmadın başı açılan kim Mustafa xanın buraxıb, getdiyi karvana doğru gəldi. Burada bir dəstə qolu bağlı əsir vardı: əksəri gənc oğlanlar və qızlar idi. Yorğun sifətli əsirlər Məmməd bəyə baxır, heç bir şey deməyirdilər: qorxularından hələ özlərinə gəlməmişdilər. Bunların içində buğdayı sifət, qonur gözlü, uzun bir qız vardı: süzgün baxışı ilə Məmməd bəyi süzür, sanki ona qarşı minnətdar olduğunu bildirirdi. Məmməd bəy yanaşıb onun qollarını açdı və soruşdu: – Adın nədir? – dedi. – Hürü! – deyə yavaş bir səs eşidildi. Məmməd bəy mülayim bir səslə: – Dur get, çayda əl-üzünü yu! – dedi, sonra nökərlərə əmr verdi: – A gədələr, əsirlərin qollarını açın, aclıqları varsa, yemək verin! Nökərlər nəşələnərək əsirlərin qollarını açır, yaralı qolu boynundan asılmış Səfər isə bir daşın üstə oturub, orda-burda qanına bələşib, zarıldayan yaralıları və meyitləri seyr edir, nə isə acı-acı düşünürdü. 3 Neçə ilə davam edən Rus-Osmanlı müharibəsi Küçük Qaynarça müahidəsilə2 nəticələnmiş, Rusiya Krımı ələ keçirib, Qara dəniz sahilinə çıxmışdı. Bununla Yekaterinanın Şərq proqramı hələ bitməmişdi. Küçük Qaynarçadan sonra bir neçə il hazırlanıb, Qafqaz səfərinə başlayırdı. Şərq işlərini Potyomkin Tavriçeskiyə3tapşırmış, o da Qafqaz xəttinə əmisi oğlu general poruçik P.Potyomkini təyin etmişdi. General-poruçikin ilk vəzifəsi gürcü və ermənilərlə əlaqəyə girmək idi. Bu məsələ bəzi erməni təbəqələrində, xüsusilə məliklər və keşişlər arasında yeni bir ümid – xanların zülmündən qurtarmaq ümidi canlandırdı. Məliklər Iran padşahları tərəfindən erməni sığnaqlarına təyin olunmuş yüzbaşılar idi. Bu yüzbaşılar Iranda tez-tez baş verən qarışıqlıqdan istifadə edərək məliklik rütbəsinə irsi bir ünvan kimi baxmağa və kəndlini bir rəiyyət kimi istismar etməyə alışmışdılar. Odur ki, bir məliyi çıxarıb, yerinə bir ayrısını qoymaq, köhnə məliyi çörəkdən saldığı üçün, qilü-qal qoparır, milli məsələ meydana çıxır, müsəlman-erməni düşmənçiliyi körüklənməyə başlayırdı. Çar imperializminin Şərq siya- səti də bu haldan bol-bol istifadə edir, məliklər və keşişlər vasitəsilə əməkçi erməni xalqını əlində vasitə edirdi. I Pyotrun Qafqaza gəlib getməsi Oriy və Vartapet Minasın vasitəsilə erməni xalqına böyük ümidlər verib, müsəlmanların üstünə qaldırması və nəticədə ermənilərin boşboşuna qırılması bəzi ermənilərə məsələyə ehtiyatla yanaşmaq duyğusu vermişdi. Çarların “xristianlıq mərhəmətinə” inanmayanlardan biri də Ohan keşişi idi. Ohan erməni sığnaqlarını gəzər, nəsihət elər və xalqı məliklərin fitnəsindən saqındırardı. Bu dəfə də o sığnaqlardan yenicə dönüb, Vaqifin yanına getdi. Baharın ilk çağı idi. Vaqif bağçasında dolaşıb, bənövşə yığırdı. Ohanı görcək: – Ba! Xoş gördük, a Mirzə Ohan! – deyə qarşıladı və əlindəki bənövşə dəstəsini ona verərək: – Gül bə dəste gül başəd4, – deyə əlavə etdi. Ohan gülərək bənövşəni aldı, dəlikləri burunotundan göyərmiş burnuna yaxınlaşdırdı: – Tanrı nə qəşəng şeylər yaratmış! – dedi. Vaqif zarafatla cavab verdi: – Qəşəng şey çoxdur, sənnən mənə yoxdur: bu axundluqla keşişliyi boynumuza qoyub, dünyanı bizə haram eləyiblər. – Harama-halala baxan kimdir ki? Vaqif əyilib, yeni bənövşə dərərək: – Sənə nə var, Mirzə Ohan, – dedi, – yenicə evlənmisən, kefin kök, damağın çağ! Mənimki bir dənədir, o da ömrümü göy əskiyə düyüb. Ohan keşiş ah çəkdi: – Eyy! Axund, – dedi. – Adama uzaqdan döyüş asan gəlir. Köhnə arvad təzəsini yola vermir. Hər gecə evdə davadır... Vaqif uğunub getdi, sonra yenə zarafatla dedi: – Sən də gecə yatanda ikisinin ortasında yat. Keşiş şaqqıltı ilə güldü: – Axund, – dedi, – onu da eləmişəm, olmur: o deyir üzünü mənə çevir, bu deyir üzünü mənə çevir. Ortalıqda avara olub qalıram. Müsahiblər doyunca gülüb, yavaş-yavaş bağçadan çıxdılar. Artırmanın günəşli bir guşəsinə palaz salınıb döşəkçələr və püştələr düzül- müşdü. Vaqif Ohanla gəlib, döşəkçələrin üstündə oturdular. Ohan zarafatı buraxıb, ciddi və bir az da həyəcanlı səslə: – Axund, – dedi, – sənin yanına məsləhətə gəldim, yenə bizim bu məliklər sarsaq bir iş başlayıb, Allah axırını xeyr eləsin... Vaqif maraqla parlayan gözlərini Ohana dikib, diqqətlə dinləməyə başladı. Ohan sözünə davam edirdi: – Urus padşahına bir ərizə yazıblar ki, xan bizi belə eləyir, elə eləyir. Qol çəkib göndəriblər. Vaqif acılıq ifadə edən bir səslə: – Urusdan nə istəyirlər? – deyə soruşdu. – Nə istəyəcəklər, istəyirlər ki, urus bura gəlib, bir erməni padşahlığını qursun. Mən, axund, bir şeydən qorxuram: urus yenə öyrədəcək ki, müsəlmanları qırın, gəlirəm... – Ohan susdu, həyəcanından danışa bilmirdi. – Axırda bu yazıq camaat qırılacaq. Vartapet Minasın qəbri odnan dolsun! Vaqif düşüncəli gözlərilə günəşin qarşısını kəsib, çəkilən ağ buludlara tamaşa edərək susurdu. Ətrafdakı ağaclar ağ çiçək içində idi, yazın rütubətli havasına xoş bir rayihə qarışmışdı. Vaqifin gözləri bu gözəlliklər içində dolaşıb, nəhayət, Ohan keşişə çevrildi: – Məsələni xana açmaq lazımdır! – dedi. – Camaat qırılınca qoy beş məlik, beş də tüğyan etmiş keşiş ölsün. Bu məsləhətdir! – Dedi və Ohanı qətiyyətlə süzdü. Həmən durub, xanın yanına getdilər. Xan məsələni bilib, çox hiddətləndi. Sığnaqlara qoşun göndərib, asıb, kəsmək əmri vermək istədi. Vaqif özünə məxsus qılıqla xanı sakit etdi. Ohandan məsələni təfsilatı ilə öyrənib, onu buraxdılar, sonra otaqda baş-başa verib, məsləhətləşməyə başladılar. Vaqif inandırıcı bir səslə dedi: – Erməniləri qırsaq, urusun, əlinə bəhanə düşər, gəlib səni taxtdan salar, buraları da ermənilərə verər. Məsləhətlə iş görmək lazımdır. Onlar yazır, biz də yazaq, nə ki var bildirək. Görsün ki, haqq da, zor da bizim tərəfdədir. Urusun məqsədi Iranın qabağına bir qüvvət çıxarmaqdır. Səni də Fətəli xan kimi ələ almaq istər... Urus bilmir ki, bir ovuc ermənidən kar çıxmaz? Erməni məliklərini və keşişlərini birə kimi canımıza salıb, bizi zara gətirir ki, öz tərəfinə çəksin... Mənim məsləhətim belədir: bir yaxşı kağız yazım, sənin xan övladı olub, iyirmi ildən bəri Qarabağ torpağında hökm sürdüyünü, nüfuzunu, gücünü bildirim, özü də... – Vaqif bir az duruxdu, sonra davam etdi: – Urus himayəsinə girməyə və bac da verməyə amadə olduğunu deyim. Bu kağız sabah hazır olar. Musa Soltana verərik aparıb, urus yaranalına verər, dilcavabı nə lazımsa deyib qayıdar. Vəssalam. Musa Soltan vüqarlı və qılıqlı bir adamdır, bu işi bacarar. Urusu erməni fitnəsindən uzaqlaşdırıb, işimizi görərik. Xan Vaqifin təklifinə razı oldu. – Otur yaz! – dedi və Musa Soltanın da namizədliyini qəbul etdi. Vaqif xanın tamamilə sakit olduğunu görüb: – Xan, – dedi – erməni sarsaqlarına da bir balaca qulaqburması lazımdır – məlik Abonu tutdur, zindana saldır. İşlərbaşı odur. Ayrı tənbeh lazım deyil! Vaqif saraydakı rəsmi otağına çəkilib, Yekaterinaya məktub yazmağa başladı. Bu o məktub idi ki, Peterburq sarayının Qarabağa qarşı tərtib etdiyi planı tamamilə dəyişdi. Ermənilərin 1783 ilin mart ayında Peterburqa çatmış ərizəsinin üstünə knyaz Potyomkin-Tavriçeski: “İbrahim xanı taxtdan salıb, Qarabağda erməni əyaləti düzəltməli”, – deyə yazmışdı. Vaqif yazan məktub eyni ilin aprel ayında Peterburqa yetişib, Potyomkini əvvəlki qərarından daşındırdı: “İbrahim xanın bizə qarşı bəslədiyi sədaqət rus çariçası üçün ən gözəl bir bacdır”, – deyə Qarabağ hökmdarına sifariş elədi. 4 1783-cü ilin iyun ayında Rusiya ilə Gürcüstan arasında bir müahidənamə bağlanıb, Gürcüstanın Rusiya himayəsinə keçməsi xəbəri bütün Azərbaycan xanlarına çatan kimi, İbrahim xana da yetişdi. Bu xəbərə görə Gürcüstan xanı müstəqil olaraq yerində qalır, səltənət haqqı İraklidən sonra övladlarına keçirdi. Gürcüstan özü pul da kəsə bilərdi. Tiflisə göndəriləcək iki tabor rus qoşunu ölkəni hər bir ehtimala qarşı müdafiə edəcəkdi. İbrahim xan bütün dövlət adamlarını, ağaları və bəyləri müşavirəyə çağırdı. Məsələ ətraflı müzakirə edildi. Kimi Irandan, kimi Osmanlıdan kömək istənilməsini irəli sürdü. Vəliəhd Məmmədhəsən ağa söz istəyib, yavaş səslə: – Uruslarla anlaşmaq lazımdır, – dedi, – vəqta ki, özləri də buna müştaqdır: Apraqsun adlı birisini bura göndərdikləri mənzurinizdədir, – dedi, – böyük məmləkətdir, nizamlı qoşunu var. Məmmədhəsən ağanın təklifi münaqişələr doğurdu. Ağalardan birisi təəssüblü bir səslə dedi: – İslam məmləkətinə kafiri buraxmaq olarmı? Qurani-kərimi ayaq altınamı salmaq istəyirsiniz? Yox, Allah mənə o günü göstərməsin! – deyə küskün bir hal aldı. Xan həyəcanlandı və özünü ələ alaraq: – Kim deyir ki, xanlığı urusa verək? – dedi. – Mən diri ola-ola bu işə razılıq verərəmmi? Xanın səsi tutuldu, rəngi qaçdı, sonra qəlyan çəkib, sakit oldu. Xanın vəziyyəti məclisi də kiriməyə məcbur etdi. Dərin sükutu Vaqifin yumşaq, lakin etimad verici səsi pozdu: – Xan sağ olsun! – dedi. – Acizin fikrincə, kəmhövsələlik göstərmək olmaz, qapını düşmən kəsməyib ki! Atalar demişkən, itlə yoldaşlıq elə, ağacı əldən qoyma! Biz də həmişəki kimi, əvvəl yaxşı ağac hazırlamalıyıq. Xan üç min ləzgi saxlayır, dörd min də öz qoşunumuz var. Ömər xana yazıb, on min də ləzgi istəməliyik. Xanın binihayə xəzinəsi və sursat anbarları böyük bir qoşunun öhdəsindən gələ bilər. Sonra Tiflisə elçilər göndərmək lazımdır: valini təbrik etmək bəhanəsilə, övzan öyrənsinlər: urus böyüyü ilə görüşüb, bir ağzını yoxlasınlar. – Burada Vaqif susub, ətrafdakıları gözdən keçirdi: hamı böyük bir diqqət və etimadla Vaqifi dinləyirdi. Vaqif bu vəziyyətdən istifadə edərək son fikrini söylədi: – Nə eybi var, qoy elçilərimiz bizim də urus himayəsinə girmək arzumuzu urus böyüyünə eşitdirsin. Bu sözü deməklə himayəyə ki, girmədik. Vaqifin son fikri məclisdəkilərin bəzisini həyəcana gətirdi: etirazlar başlandı. Yenə dinin pozulması, kafirin zəfər tapması, ermənilərin üstümüzə ayaq alacağı kimi məsələlər meydana çıxdı. Vaqif münaqişələri sonuna qədər dinləyib, gülümsünərək bir məsəl çəkdi: – Günlərin bir günü – dedi, – bir padşah car çəkdirib, dedi ki, kim mənim eşşəyimə dil öyrətsə, ona bir kisə qızıl verrəm: öyrədə bilməsə başı cəllad əlindədir. Bir qoca kasıb kişi padşahın yanına gedib: “Mən öyrədərəm”, – dedi. Qızılları aldı, üç ay da möhlət istədi. Evə qayıdanda arvad kişinin üzünü danlamağa başladı: “A kişi, – dedi, – eşşək də dil öyrənərmi, üç ay gəlib keçəcək, padşah sənin başını vurduracaq, mən də ortalıqda qalacağam”. Kişi güldü: “Ay arvad, – dedi, – hələ üç ay möhlətim var, bu üç ayda ya padşah ölər, ya eşşək ölər, ya da ki mən”. Indi, ağalar, himayə deməklə himayəyə girmədik. Vaxt var, imkan var, baxarıq, məsləhətimiz nədir, onu elərik. Vaqifin fikri və lətifəsi hamının xoşuna gəldi. Xanın da kefi duruldu.: gülümsünərək neypuşu ağzından buraxmır və qəlyanın şüşəsində çəkilmiş qız rəsmilərinə baxıb düşünürdü. Birdən düşüncədən ayrılıb, məclisi gözdən keçirdi. Hamı gözünü onun ağzına dikmişdi. Xan bir qərara gəlmək lazım olduğunu duydu: – Deməli, belədir, – dedi. – Axund Molla Pənahın özü Tiflisə getməlidir. Ona bəylərdən də qoşaram. Yazı-pozusunu da Mirzə Camal elər, yaxşı xətti var. Axunda küllü ixtiyar verirəm. Məsləhət necə isə, elə də elər: özü arif və aqil bir adamdır. Xanın təklifini məclis sükut ilə təsvib etdi. 5 Payızın gözəl çağı idi. Ağaclar çiçək dəstəsi kimi sarı və qırmızı çalırdı. Yağış mövsümü hələ başlamamışdı. Istilər çəkilmişdi, lakin xoş bir ilıqlıq hələ havanı dolaşırdı. Əydəmli günəş uzun kölgələr salır, əlvan rəngli xəzəl xiyabanları bürüyüb, ayaq altında həzin xışıltı doğururdu. Ağabəyim bütün günü dayəsi Nazlı ilə saray bağını dolaşır, rəngli xəzəllərdən çələng toxuyur, dayəsinə min bir sual verirdi. Dayə də bütün sevgisini gözəl çocuğun ətrafına toplayıb, onunla bir yoldaş kimi rəftar edir və hər bir sualına öz biliyincə cavab verirdi. Nazlı savadlı deyildi, o şəhərdə kök salmış islam və Iran mədəniyyətindən xəbərsiz idi. Lakin o öz doğma el və ulusunun əsrlərdən qalma nağıllarını, əfsanə və dastanlarını bilirdi: türk əsatiri onun üçün təkzib olunmaz bir həqiqət kimi yığılıb, sinə dəftərində zəbt olunmuşdu. İştə, bu sinə dəftəri hər gün açılar, onun tükənməz səhifələri Ağabəyimin qarşısında varaqlanardı. Bu dəftər bütün təbii ərizələri izah edirdi: hərdən əjdaha aya dırmaşıb, onu boğmaq istəyir, bu əjdahanı qorxutmaq üçün camaat ona güllə atır, mis qab çalıb, səs salır ki, qaçsın – bu aytutulma idi. Hava bulud olanda göydəki mələklərdən biri altun atına minib, onu odlu qamçısı ilə vuraraq çapdıqda göy guruldayır, odlu qamçı havada oynayır. Quşların da qəziyyələri bu dəftərdə yazılmışdı: hüd-hüd5qız imiş, çayda çimirmiş, başını daradığı yerdə birdən qayınatası böyürdən çıxır. Qız utanıb, üzünü göyə tutur, deyir: “Ey tanrı, məni quş elə həyam özümdə qalsın”. Ulu tanrı onu quş edir – görürsən, darağı da başında durur. İşdə, Ağabəyimi sabahdan axşama qədər əyləndirən parlaq əfsanələr. Bu əfsanələrdən sonra molla bacının anlaşılmaz çərəkəsi və Quranı çocuğa olduqca ağır görünürdü. Əlacı nə idi, oxuyub əzbərləyirdi. Bu gün dərs olmamışdı. Molla bacı xəstə imiş. Odur ki, Ağabəyim səhərdən dayəsindən ayrılmamışdı. Nahara gedib, nahardan sonra təkrar bağa çıxmışdı. Artıq günəş batır, qüruba qan səpilmişdi. Nazlı Ağabəyim ağanın əlindən tutub dedi: – Daha toran qovuşur, evə gedək. Ağabəyim yamaca, saraya doğru çıxan cığırla huşsuz addımlarla yürüyür, göyün üzünə səpilmiş qızartdaq bulud parçalarına tamaşa edirdi. Birdən onun üzü bir sual ifadəsi aldı: – Dayə, – dedi, – göy niyə qırmızı olur? Dayə çönüb, dərdli-dərdli göyə baxdı, sonra köksünü ötürərək: – Bəyim, – dedi, – bir padşah varmış, bu padşahın gözünün ağı-qarası bircə oğlu varmış. Bir gün padşah ikinci bir arvad alır. Günülər bir-biri ilə yola getmirlər. Təzə arvad günüsünü hər gün ərinə çuğullarmış, o da ona sitəm eləyirmiş. Bir gün təzə arvad bir oyun da düzəldir: padşahın oğluna böhtan calaşdırır. Padşah qəzəbə gəlib, cəlladı çağırdır, öz oğlunun başını kəsdirir. Oğlunun yazıq anası ovuclarını oğlunun qanına tutub, göyün üzünə atır, deyir: “Tanrı bu nahaq qanı yerdə qoymasın!” Qan göyün üzünə səpilib, qalır... Qiyamət günü mizan-tərəzi qurulacaq, padşahı tanrı hüzuruna gətirəcəklər, əcri verildikdə göyün üzündən o nahaq qan çəkilib gedəcək. Dayənin hekayəsini maraqla dinləyən Ağabəyim susub, qalmışdı. Arabir göyün qızartısına baxır, körpə sifətində kədər ifadəsi əks edirdi. Evə gələnə qədər Ağabəyim başı kəsilmiş oğlanı unuda bilmədi. Otağa girərkən təkrar dayənin qulağına: – Dayə, o oğlan bir də dirilməyəcək? – deyə pıçıldadı. Dayə cavab verdi: – Yox! Ölən dirilməz ki! – İndi onu yerə basdırıblar? Dayə gülümsünərək dedi: – Hə, torpağın altındadır. Ağabəyimin anası Tutubəyim ağa pəncərənin ağzında oturub qəlyan çəkirdi. Qızının dayə ilə pıçıldaşdığını görüb: – Yenə o çoxbilmiş qız nə soruşur? – deyə gülümsündü. – Deyir göy niyə qırmızıdır? Tutubəyim ağa ala gözlərini süzərək: – Göyün qırmızısını neynirsən, a əllamə! – deyə qəhqəhə çəkib güldü. Ağabəyim qızarıb, anasına tərəf qaçdı, anası onu qucaqlayıb öpməyə başladı. Sonra dayəyə yönəlib dedi: – Dayə, yeməyini hazırla, qızım yorulub, yatmaq istəyir. Dayə divardakı xırda dolabın oyma naxışlı qapısını açdı: qatıq, riçal və təndir çörəyi çıxartdı. Xalının üstünə süfrə salındı, yeməklər düzüldü. Dayə Ağabəyimi yedirməyə başladı. Ağabəyim həvəssiz yeyir və bir-birinin arxasınca dayəyə suallar verirdi. Əvvəlcə qatığın və riçalın necə qayrıldığını soruşdu. Çörəyin bişirildiyini bilirdi, ancaq buğdanın bitməsini və dəyirmanda üyüdülməsini bilmirdi. Dayə bunları anlatdı. Tutubəyim ağa qəlyan çəkib, böyük qızı Tububəyimlə danışır və onu inandırmaq üçün tez-tez atası Şahverdi xanın goruna and içirdi. Tutubəyim gəncəli olduğu üçün danışığında Qarabağda anlaşılmayan bəzi sözlər işlədir və Tububəyimin rişxəndinə səbəb olurdu: Tububəyim məxsus: – Ana, yer höyüşdür!*– deyə qəhqəhə çəkdi. – Anası da istehza üçün: – Dağ qəlbidir†– dedi, qarabağlı qızına sataşdı. Ağabəyim bu zarafatları eşidən kimi süfrədən qalxdı: – Yer höyüşdür! Yer höyüşdür! – deyə-deyə otaqda qaçmağa başladı. Hamı gülüşdü, sonra Tutubəyim ağa ciddi səslə: – Nazlı, – dedi, – qızın atılıb-düşdüyü bəsdir, yuyundur, yatağına qoy. Sonra yuxusu başına vurar. İbrahim xanın hər arvadına iki otaq təxsis olunmuşdu. Bu otaqların biri uşaqlar üçün idi. Dayə Ağabəyimi o biri otağa aparıb, pəncərənin qabağındakı taxtda uzandırdı. Ay Bağrıqan dağının üzərindən yetişmiş alma kimi sallanmışdı. Hava olduqca xoş idi. Bağdan aşağıda, bürclərin altından saz səsi gəlir, kim isə yanıqlı şikəstə deyirdi. Sol tərəfdə, dərənin üstündəki ya- Hörüş-yaş deməkdir Qəlbi yüksək deməkdir. macdan da kim isə bu səsə cavab verirdi. Bayatıların gözəlliyi gecənin gözəlliyiniə qarışaraq Nazlının qəlbini dalğalandırmışdı: o qarşıdakı sirli kainatı xumarlanmış gözlərilə süzür, nəğməni dinləyirdi. Sanki onun özü də yavaş-yavaş əriyib, bu nəğmələrə qarışır, yox olurdu. Lakin Ağabəyim onun xumarlanan gözlərini körpə və xoş bir istilik saçan əllərilə açır: – Nağıl de, nağıl de, yatma! – deyə inadla təkrar edirdi. Nazlı gözlərini ovuşdurdu, sonra dirsəklərilə Ağabəyimin yatağına söykənərək başladı: – Biri varmış, biri yoxmuş, tanrı varmış, bəndəsi çox imiş, bu bəndələrin də içində Oğuz xan adında igid bir kişi varmış. Onun atının nalı yerə dəyəndə yer titrərmiş, kişnəyəndə göy guruldarmış. Oğuz belə Oğuz xan imiş. Günlərin bir günü Oğuz xan qoşunu ilə gəlib, Dəmirqapıya6çıxır. Oranın padşahı qapının dalından deyir: “Qoç başı, qoyun başı?” Oğuz xan: “Qoç başı!” – deyib bağırır, padşahın qorxusundan ürəyi gedir. Vəzir-vəkil tökülüb, padşahı ayıldırlar, deyirlər: “Padşah sağ olsun, sənə nə oldu? Padşah deyir: “Vəzirlərim, vəkillərim, bu Dəmirqapıya çox padşahlar gəlib, hamısından soruşmuşam: “Qoç başı, qoyun başı?” deyib: “Qoyun başı!” O saat başları Dəmirqapıya dəyib, sınıb, yerə düşüb. Indi bu: “Qoç başı” – deyir, bağırtısından da qapı titrəyir. “Bu adamda xata var”. Vəzir-vəkil məsləhət-məşvərət edib, qapını açıblar. Oğuz xan keçib içəri. Bəyim, sənə kimdən deyim – Oğuz xanın qızı Gültəkindən. Bu bir nazənin sənəm imiş ki, gündüz gün kimi, gecə ay kimi aləmə işıq salırmış. Özü də igid bir qız imiş, qız qoşununun sərkərdəsi imiş. Oğuz xan bir gün öz qızı ilə gəlib, Arana çıxır. Qoşununa deyir: “Qızlar, bura düzdür, heç yer görünməyir, mən istərdim burada bir təpə olsun, onun başından bütün Iran-Turan elləri görünsün. Əsgərlər Oğuz xana baş əyib, gedir, hərə bir ovuc torpaq gətirib, tökür, düzdə böyük bir təpə əmələ gəlir. Oğuz xan qızı Gültəkinlə təpənin üstünə çıxıb, dünyaya tamaşa etməyə başlayır. İran padşahı bu zaman imarətində oturmuş imiş, bir də görür Aran torpağından bir gün doğdu, gözləri qamaşmağa başladı. Padşah vəzirvəkildən əhvalatı soruşur, deyirlər: “O gün deyil, Oğuz xanın qızı Gültəkindir: gündüz gün kimi, gecə ay kimi aləmə işıq salır”. Padşah barmağını dişləyir, deyir: “O qızı gərək mən alam”. Qoşununun hamısını yığıb gəlir Arana. Oğuz xan görür təpənin ətəyindəki elçi daşını bir adam döyür. Nökərini yollayır ki, bilsin kimdir. Deyirlər İran padşahı Gültəkinə elçi gəlib. Gültəkin bunu eşitcək qız qoşununu başına yığıb, Iran şahının qabağına çıxır, deyir: “Mənə elçi gələn kimdir?” İran padşahı qoşunu ilə qabağa çıxır. Gültəkin deyir: “Mən indiyə qədər dava meydanında yenilməmişəm, hansı igidə yenilsəm, mən onunam. Bu meydan, bu qılınc, buyur!”. Gültəkinlə İran padşahı arasında böyük bir döyüş olur. Gültəkin İran padşahını basır, qova-qova aparıb, Arazın o tayına tökür. Gültəkin yorunuq, arınıq qan tərin içində geri qayıdır. Axtarır, axtarır Oğuz xan oturan təpəni tapa bilmir. Axırda gəlib Bağrıqanın təpəsinə çıxıb oturur. Saçlarını açıb, dağ aşağı tökür, atasını yadına salıb ağlayır. Gültəkinin göz yaşları töküldüyü yerdə bənövşə bitir. O zamandan o dağın adı Bağrıqan qalmışdır, çünki orada ata dərdi çəkən Gültəkinin bağrı qana dönüb. Bənövşələr də həmişə başlarını aşağı dikirlər ki, gözləri Bağrıqana sataşıb, Gültəkinin dərdini yadlarına salmasınlar... Onlar yedilər, yerə keçdilər, sən də ye, dövrə keç. Nazlı nağılını bitirib, Ağabəyimin üzünə baxdı: çocuq totuq əlini yanağına söykəyib, çoxdan uyumuşdu. 6 Vaqifin başçılığı ilə Tiflisə göndərilmiş Qarabağ heyəti yolda qarborana düşərək böyük əziyyət çəkmişdi. Tiflisə çatar-çatmaz İrakli xanın mehmandarı onları zadəganlardan birinin evinə aparıb rahatladı. İstər minmiş olduqları atları, istərsə özləri əldən düşmüşdülər. Vaqifin ilk fikri tərifini çox eşitdiyi Tiflis hamamını ziyarət etmək idi. Mirzə Camal özünəməxsus sakitliklə: – Axund, – dedi, – yoldan sonra bu qarlı havada hamama buyurulsa, haşa sizdən, zatilcəm7peyda olar. Vaqif qırmızı yanaqlı, safdil bu gəncə ata məhəbbəti ifadə edən gözlərilə baxıb dedi: – Oğlum, mən dağlarda böyümüş qazağam: soyuq, şaxta mənə kar eləməz. Su yolun yorğunluğunu canımızdan çıxardar, sonra bir-iki gün evdə oturub dincələrik. Mehmandar təzə atlar hazırlatmışdı, Vaqif samur kürkünü geyib, yola düşdü, qoltuğu qələmkar boğçalı nökəri də onu təşyi etdi. Qışın ilk ayı idi. Tiflisi qar basmışdı. Buna baxmayaraq, rus qoşunu gəlib çıxmış və Tiflisə böyük fərəh vermişdi. Əhali artıq Iran boyunduruğundan və ləzgi hücumundan qurtarmış kimi görünürdü. Vaqif Tiflisin övzaini ilk əvvəl hamamda cansürtən Ocaqquludan öyrəndi. Ocaqqulu Vaqifi daş səkidə uzandırmışdı, sabun kisəni üfüləyərək onu ağ köpük içində gizlətmiş və iki əlini köpüyün içində uzadıb bədənini seğəlləyirdi. Vaqif bu əməliyyatdan xoşlanıb, məst kimi də olsa, yenə Ocaqquluya bəzi suallar verirdi: – Tiflisin əhvalı necədir, həmşəhri? – deyə soruşdu. Ocaqqulu şərq hadisələrinin içində böyümüş və bu hadisələrdən müəyyən dərs almış olduğu üçün Vaqifi ehtiyatla süzdü və özü də ona suallar verməyə başladı: – Ağa, bağışla, gəlmə adama oxşayırsan. – Bəli, buralı deyiləm. Ocaqqulu çoxmənalı üzünü Vaqifə tutaraq: – Ağa, – dedi, – Tiflis pis deyil, inşallah, daha da yaxşı olar. Bir az qıtlıq çəkirik, Irandan karvan axır vaxtlar gəlmir. Qarı da ki, görürsən. Cansürtən sözlərini bitirib, qəribə gülümsəmə ilə Vaqifi süzdü. Bu baxışda çox mülahizələr ifadə olunurdu: onu yalnız şərqdə yaşayan dünyagörmüş adamlar şərh edə bilərdi. Ocaqqulunun məramını sadə dilə çevirsək belə çıxırdı: “Tiflisdə həyat olduqca ağırdır, əhali zəruri şeylərdən belə məhrumdur, çünki Irandakı və Azərbaycandakı təxtsəltənət davası kasıbların həyatına zəhər qatır. Bəlkə irəlidə yaşayış yaxşılaşa, bu da ki, şübhəlidir.” O ki, qaldı, Ocaqqulunun “Qarı da ki, görürsən” – cümləsinə, bunun məsələyə dəxli yox idi: istibdad idarəsində yaşayan adamlar böylə cümlələri çox işlədər, buna “giriş yolu” deyərlər. Vaqif məsələni anladı gülümsünərək: – Haralısan? – dedi. Ocaqqulu yenə eyni ifadə ilə: – Təbriz uşağıyam... – dedi. – Buraya bərayi-ziyarət gəldim, yenə vətənimə qayıdacağam, əhl-əyalım ordadır. Vaqif yenə məsələni anladı. Ocaqqulu boş müharibələrə sürüklənməsin deyə, başını götürüb, qaçmağa, arvad-uşağını tərk etməyə məcbur olmuşdu. Ocaqqulu Vaqifi kisələyib, yuyundurdu və arxasına qətfə salıb, içəridən yola salarkən: Ağa, görünür, xeyir iş üçün gəlmisən, bu havada səfərə xeyir iş üçün çıxarlar, – dedi və çox mənalı təbəssümü yenə üzünə yayıldı. – Yaxşı olar, inşallah! Yaxşı olar! – deyə ima ilə əlavə etdi. Vaqif hamamdan sonra iki gün evdən çölə çıxmayıb, bir şeir Tiflisin və valinin mədhinə, bir ayrısını da vəliəhd Əlyuna ithaf olaraq yazdı, üzü köçürülmək üçün özü ilə gətirdiyi xəttata verdi. Şəhəri gəzməyə çıxmış Mirzə Camal Ömər xanın və Fətəli xanın da nümayəndələrinin Tiflisə gəlməsini xəbər verdi. Bu məsələ Vaqifi düşündürdü: o, Ömər xanın nümayəndəsilə görüşmək arzusunda olsa da, ehtiyat edirdi: bu görüş yanlış təfəhhümlər doğura bilərdi: Fətəli xanın adamlarına bir dəstavüz lazım idi. Bu mülahizələri nəzərdə tutaraq Vaqif İrakli xanı rəsmən təbrik edənə qədər kimsə ilə görüşmək istəmədi. Lakin, görünür, Vaqif ilə görüşməyə can atanlar var imiş. Vaqifin gəldiyinin üçüncü günü nökər bir qoltuqçunun onunla görüşmək istədiyini xəbər verdi. Vaqif: – Nəçidir, kimdir? – deyə maraq etdi. – Ağa, qoltuqçudur, ipək mal gətirib. Vaqif ehtiyat etdisə də, razılıq verdi. Içəri gürcü qiyafəli, hamar saqqallı bir adam girdi. – Müsaidə buyurulurmu, əfəndim həzrətləri? – dedikdə Vaqif bu adamın Rum diyarından olduğunu duydu. – Buyur! Buyur! – deyə buxarının yanında yer göstərdi. Sonra işarə edər-etməz içəridəkilər o biri otağa keçdilər. Qoltuqçu malları açıb tökdü-gözəl firəng və İstanbul qumaşları şairi heyran qoydu. Qoltuqçu malları göstərərək əsil məqsədini mülayim bir dillə anlatmağa başladı. Bu adamın Axalsıq paşası Süleymanın nümayəndəsi olduğu meydana çıxdı: Tiflisə gizli olaraq Azərbaycan xanlarının vəkillərilə görüşməyə gəlmiş və sirr açılmasın deyə qoltuqçu cildinə girmiş imiş. Məsələ rusların Terek çayına körpü salıb, dağlardan yollar açıb, Tiflisə gəlməsilə mərbut idi. – Qardaşım, bu yollar yalnız əsgər deyil, ağır toplar və cəbbəxana daşımaq üçün yapılmış. Bu gün Tiflis, yarın Qarabağ, o biri gün isə İran və dövləti Osmaniyə torpaqları yəğma olunacaq – gavur xəncəri islamın bağrına soxulacaq... Süleyman paşanın müməssili rusların əleyhinə uzun-uzadı danışdı və bütün xanlıqları ittihada və müqavimətə dəvət etdi. Vaqif sakit bir halda müməssili dinləyir və arabir buxarını maşa ilə qurdalayırdı: – Osmanlı dövləti-müəzzəməsi ilə Rusiyanın əlaqəsi necədir? – deyə soruşdu. Müməssil gözlərini parladaraq həyəcanla: – Əfəndim, – dedi, – səkkiz il əvvəl yapılmış Küçük Qaynarça müahidəsi mövcibincə Mosqovla hal sülhdə olduğumuz məlumi-alinizdir. Bu, altı illik şiddətli müharibənin bir sənədi olaraq bizi hala bəzi təşəbbüsatdan məhrum qoyur. Məsələ böylə davam etsə, əlbəttə... Bu əsnada qapı açıldı, nökər mehmandarın gəlməsini xəbər verdi. Vaqif vəziyyətini dəyişməyərək: – Buyursun! – dedi və qumaşın bir topunu qucağına alıb, müməssilə: – Bunu bəyəndim, o biriləri də aç baxım. Mehmandar içəri girdikdə Vaqifi qumaşlarla məşğul gördü, o qədər sövdəyə dalmışdı ki, mehmandarın içəridə olduğunu belə sanki duymayırdı. Birdən parçalardan ayrılıb: – Bağışla, oğlum! – dedi. – Buyur əyləş! Mehmandar nəzakətlə dedi: – Ayın iyirmi ikisində, sabah yox, o biri gün, rəsmi ziyarət olacaq, onu xəbər verməyə gəldim. O günü padşah təşrifinizi gözləyəcək... Vaqif cəld: – Çox gözəl, oğlum! – dedi. Bu əsnada küçədən musiqi səsi eşidildi. Vaqif pəncərəyə yanaşdı: zirehli süvarilər və gürcü tavatları musiqi dəstəsilə küçələri gəzib, bayram olacağını elan edirdilər. Yanvarın 22-də səhər tezdən 101 topdan açılan atəş bayramın başlanmasını Tiflis əhalisinə bildirdi. Rəsmi keçid çar nümayəndəsi polkovnik Burnaşov yaşadığı evdən başlayıb, İrakli xanın sarayına getməli idi. Vaqif heyətilə bərabər oraya getdi, ancaq keçidə rəsmən qoşulmadı, kənarda durub, seyrə başladı. Küçənin iki tərəfi də silahlı tiflislilərlə tutulmuşdu: orta boş idi. Qafilə tərpəndi. Öndə pişdarlar, onun arxasınca gürcü süvariləri, onlardan sonra da iki rus tağımı yürüyürdü. Bunları mütəaqib baş təşrifatçı və İraklinin baş katibi rəhbərliyində 24 süvari zadəgan keçib getdi. Sonra bir atlı rus zabiti, arxasınca da piyada yeriyən kiçik rus zabitləri göründü: əllərində rus çariçasının İrakliyə göndərdiyi hədiyyələri tutmuşdular. Bu hədiyyələr bayraq, qılınc, xirqə, toppuz, tac və fərmandan ibarət idi. Hədiyyələrin hər iki tərəfində gürcü zadəganları gedirdi. Sonra bir rus zabiti gəldi, qafilə iki yeger alayı tağımı və gürcü süvarilərilə bitdi. Vaqif atını çevirib, yan küçələrlə saraya doğru sürdü. Qar dizə çıxırdı, yollar da eniş-yoxuş idi. Sarayın önündə qafiləni rus qoşununun musiqi dəstəsi və gürcü zurnaçıları qarşıladı. Qafilə saray darvazasından içəri girdikdən sonra Vaqifin heyəti daxil oldu. Mehmandar göstərdiyi yerdə Vaqif və adamları atdan düşdülər. Vaqif cilovdarları, zinpuşçuları və özü ilə götürdüyü Səfəri atların yanında qoyub, özü isə bəylər və Mirzə Camalla pilləkəndən artırmaya çıxdı. Təşrifatçı onları hörmətlə qarşılayıb, qəbul kallayısına apardı. Bütün rus zabitləri, gürcü tavatları bu qiymətli xalılarla döşənmiş otaqda idi. Yuxarı başda taxt qoyulmuşdu. İrakli xan taxtın önündə durmuş, ətrafını xanzadələr, baş keşişlər, vəzirləri, əyanları bürümüşdü. Vaqif göstərilən yerdə oturub, mərasimi böyük maraqla seyr edirdi. Rus zabitlərindən biri irəli yeriyib, İrakli xanı Rusiya himayəsinə girməsi münasibətilə təbrik etdi və sonra Peterburqdan göndərilmiş hədiyyələri bir-bir kiçik zabitlərdən alıb, İrakliyə verdi. Nəhayət gümüş və qızılla işlənmiş cildə qoyulmuş fərmanı təqdim etdi. İrakli xan hədiyyələri ayaq üstə qəbul edir və ətrafdakılara verirdi, yalnız tac və toppuzu öz yanında məxmər yastıqlar üstündə saxlatdı. Çariçanın fərmanı təqdim edilən kimi, dışarıdan 101 top atəşi eşidildi. Bu bitdikdən sonra İrakli xan yeddi oğlunu və iki oğlan nəvəsini taxtın pillələrində qoyub, özü taxta çıxdı və oradan hədiyyələri təqdim etmiş rus zabitinə təşəkkür izhar etdi. Bununla mərasim bitdi, Rusiya nümayəndələri bir-bir irəli gəlib, İrakli xanın əlini sıxır və təbrik edirdi. Gürcü tavatları və məmurlar hökmdarın əlini öpürdü, bəzisi həyəcanından ağlayırdı. Sıra Vaqifə gəldi, vüqarla irəliləyib, İrakli xanla ələlə tutuşdu, və bir az əyilərək: – Əcdadınızın taxtında payi-qədim olasınız! – dedi. – Qarabağ hökmdarı fəxrimiz İbrahim Xəlil xan ali-həzrətlə iyirmi ildən bəri dost və ittifaq minvalilə keçinmişlər. İnşallah, irəlidə də sədaqət və vəfadarlığımızda paydar olarıq. İrakli qaşlarının altından Vaqifi süzərək türkcə dedi: – Şəkk eləmirəm! Dostum İbrahim Xəlil xana məndən çox-çox salam yetirin. Vaqif danışarkən onun nitqini tərcüman taxtın yanında durmuş polkovnik Burnaşova tərcümə edir, o da Vaqifi diqqətlə süzərək başını tərpədirdi. Mərasimdən sonra qonaqlar yemək otağına çağırıldılar. Gürcü zadəganlarından biri tulumbaşı*seçildi, dəbdəbəli ziyafət başlandı. Tulumbaşının təklifinə riayət edərək çaxırlar buynuz qədəhlərə töküldü. Çariça Yekaterinanın şərəfinə nitq söylənib, ayaq üstə içildi: dışarıda yenə də 101 top atəşi açıldı. İkinci qədəhi “zati-nəcabətləri” (müahidəyə görə Gürcüstan padşahı bu ünvanı daşıyırdı) İraklinin sağlığına qaldırdılar, 51 top atəşi gurultusunda qədəhlər başa çəkildi... Rəsmi qədəhlərdən sonra Vaqifə sözə verildi. Vaqif ayağa qalxdıqda, tərcüman Burnaşova tərəf əyilib, Vaqifin sözlərini ona tərcümə etməyə hazırlaşdı. Qarabağ vəziri özünəməxsus vüqar və soyuqqanlılıqla lülələnib şal qurşağına qoyulmuş tirmə kağızı çıxarıb açdı və gözəl bir səslə oxudu: Vəh bu bağın nə əcəb sərv dilarələri var, Hər tərəf tazə-açılmış güli-rənaləri var. Açılıb tazə-tərü laleyi-hümraləri var, Yəni Tiflisin əcəb dilbəri-zibaləri var, Ey könül, seyr elə kim, türfə tamaşaləri var... – deyə başlanan bu şeiri əksəri türkcə bilən gürcülər böyük bir həvəslə dinlədilər. Lakin şerin sonu cürbəcür tələqqilərə səbəb oldu: Vaqifa, səndə ki, yoxdur bilirəm, zöhd-riya, Şərt ixlas gərək eyliyəsən şimda əda, Eylə bu valiyə, oğlanlarına xeyri-dua: Saxlasın onları öz hifz pənahında xuda! Hasil etsin nə qədər dildə təmənnaləri var! Bu parçadakı “vali” sözü ən əvvəl İrakliyə xoş gəlmədi, çünki indi artıq İrakli Iranın dörd valisindən biri deyil, Rusiya himayəsinə girmiş müstəqil bir padşah idi. Burnaşov da məmnun qalmadı: Rusiya qoşununun dəbdəbə ilə Tiflisə girməsi, çariça Yekaterinanın dünyaya səs salmış əzəməti kiçik Qarabağ xanlığının rəsmi müməssilinin nəzərini belə cəlb etməmişdi. Burnaşov ilk dəfə olaraq şərq diplomatına, onun ehtiyatkarlığına rast gəlirdi. Təbii idi ki, Vaqif “vali” yerinə “padşah” desəydi, bu sözlə Irana qarşı olan əlaqəni pozmuş olardı: bu da ki, hələlik, Qarabağ xanlığının faydasına toxunurdu. O biri gün Vaqif kilsəyə gedib, İraklinin Rusiya ilə bağlanmış müahidəyə sadiq qalacağına dair içdiyi and mərasimində iştirak etdi. Vaqif Tiflisdə iki həftəyədək qaldı. O, İrakli xanla bir daha görüşmədi, çünki müahidə mücəbincə Gürcüstan padşahı yalnız polkovnik Burnaşovun vasitəsilə rabitəyə girişə bilərdi və Rusiya müməssilinin məsləhəti olmadan heç bir addım ata bilməzdi. İraklinin bu vəziyyətindən məmnun qalmayan Vaqif rəsmi aləmi buraxıb, Tiflisin tamaşasına dalmışdı. O indi yalnız bir şair, bir həssas gözəllər aşiqi idi. Kilsədəki and mərasimindən daha çox oradakı bir gürcü dilbərinə vurulub qalmışdı. Bu dilbərə qarşı bəslədiyi coşğunluğu o günü bəyazına qeyd elədi: Şanə vəş seyqəl verib zülfi-bənövşə nisbətə, Pərdə mütləq tutmayıb simavü-sədrü surətə, Qıl tamaşa gərdənə! Seyr eylə qəddü-qamətə! Qaş, göz, qəmzə, məazallah, dönübdür afətə! Etməyə din mülkünü yəğma kəlisadən çıxar! Vaqifəm, ta ki, gözüm onun sataşdı qaşına, Istədi mehrabü-mənbərdən xəyalim daşına! Indi bildim ki, nə gəlmiş Şeyx Sənan başına, Ya budur ki, Tiflisi qərq eylərəm göz yaşına, Ol sənəm vəsli mənimçün ya kəlisadən çıxar!.. Vaqif Tiflis gözəllərinin nəşəsilə odlanıb, şeir səmalarında süzərkən, mehmandar gətirdiyi xəbərlə onu yenə yerə kəşməkəş aləminə qaytardı. İrakli xan Qarabağ elçisininin polkovnik Burnaşovla görüşməsini tövsiyə edirdi. Vaqif İraklinin təklifini məmuniyyətlə qəbul etdi, gün və saat təyin olundu. Vaqif Qarabağ xanlığının qüvvətini nümayiş etdirmək üçün ayrıca bir dəbdəbə ilə Buranşovun yanına getdi: gümüş yəhər-əsvablı atını mindi, iki cilovdar atın başını çəkir, iki zinpuşçu arxadan yürüyür, silahlı nökərlər də gözəl Qarabağ atlarını səyirdərək onları təşyi edirdi. Səfər də atını qabaqca sürüb, yol verilmək üçün xəbərdarlıq edirdi. Vaqif bəylərin getməsini məsləhət görmədi, özü ilə yalnız heyətin katibi Mirzə Camalı götürdü. Vaqif Burnaşov yaşayan evin artırmasında isti kürkünü soyundu, nökərlərdən birisi onun çiyninə zoğalı çuxasının üstündən bir samur xəzli ipək xirqə saldı, bu qiyafədə içəri girdi. Burnaşov masasının yanında ayaq üstə durmuşdu, onun dizinə qədər çəkilmiş corabları, incə ayaqqabıları, baftalı qaftanı, həmayili, döşündəki xaç və ildızlar, nəhayət, üstünə kirşan səpilmiş xırda saçlı parik və qırxıq üzü Vaqifə tanış da olsa, onu təkrar maraqlandırdı. Masanın arxasına vurulmuş qiymətli xalçanın üstündən Yekaterinanın iri rəsmi asılmışdı. Vaqif rus çariçasının şəklini ilk dəfə görürdü, o bu şəklə ötəri olaraq baxdı və nəzərini Burnaşova çevirdikdə bu iki simanın arasında bir oxşayış duydu: girdəsifət, ala gözlü Burnaşov da qadına, xüsusilə Yekaterinaya bənzəyirdi. Nədənsə Vaqif sezilməz bir təbəssümlə: “Mal yiyəsinə oxşamalıdır”, – türk məsəlini xatırladı. Burnaşov ona yaxınlaşan Vaqifə nəzakətlə əl verib, masasının qabağındakı yumşaq sandalyada ona və katibinə yer göstərdi. Oturdular. Tərcüman da gəlib oturdu. Nəzakət qəbilindən olaraq bir sıra rəsmi sözlərdən sonra, Burnaşov Yekaterinanın ədalət və mərhəmətindən, Tiflisə qoşun göndərməkdə heç bir istila fikrində olmadığından, yalnız əhalinin asayiş və bəxtiyarlığını güdməsindən bəhs edib, əsil məsələyə keçdi: – Biz möhtərəm hökmdarınız İbrahim Xəlil xanla da dost olmaq niyyətindəyik. Mərhəmətli çariça sizə də himayəedici əlini uzatmaq istəyir. Xan yalnız bizim himayəmizdə öz taxtında baqi qala bilər. Vaqif bu sözləri dinləyir və şərqlilərə məxsus şübhə ilə Burnaşovun incə dodaqlarına və ağ dişlərinə tamaşa edirdi. Burnaşov sözlərini bitirər-bitirməz Vaqif başladı: Qarabağ xanının Çingiz nəslinə və Ərğun sülaləsinə mənsubiyyətini, Şişə kimi Şərqin açarı sayılan möhkəm bir qalaya malik olduğunu, qüvvət və qüdrətini, Təbrizə qədər hökmü yeridiyini birər-birər söyləyib: – Əlahəzrət çariça ilə də, – dedi, – dost keçinməyə müştaq və amadəyik. Lakin... Burada Vaqif bir az dayanıb, ciddi bir baxışla Buranşovu süzdü və sonra İraklinin bağladığı müahidəyə işarə edərək, eyni şəraiti İbrahim Xəlil xanın da məqbul tutacağını sezdirdi. Burnaşov gülümsədi. Bu gülümsəmədə çar nümayəndəsinin bu şəraitə razı olmadığı aşkar göründü. Vaqif məsələni anladı, lakin özünü ona qoymadı: Iran hadisələrinə keçdi. İbrahim xanın İran taxtını əlinə alması kimi edilən təklifləri söylədi. Burnaşovun siması yavaş-yavaş sərtləşib, təkrar açıldı: – Siz, – dedi, – əlahəzrət çariçanın alicənablığına, mərhəmətinə inanmalısınız. Sizin üçün bu mərhəmət böyük bir nemət ola bilər. Vaqifin də üzü bir az sərtləşdi: – Mərhəmət böyük nemətdir, – dedi, – doğru buyurursunuz, lakin məmləkətlər arasındakı rəftar və əlaqənin də qaydaları var. Burnaşov yenə etimad və mərhəmət məsələsini meydana atdı, çariçanın Krım xanına qarşı göstərdiyi “ədaləti” dəlil gətirdisə də, Vaqifi qane edə bilmədi. Vaqif İrakli ilə bağlanan müahidəni nəzərdə tutaraq işarələr elədi, bu fikirlərin öz şəxsi fikirləri olub, İbrahim Xəlil xanın hələ guya nə rəydə olduğunu bilmədiyini irəli sürərək, Burnaşovun ağzını aradı. Axırda Burnaşovun xaçpərəst Gürcüstanına və müsəlman Qarabağına başqa bir nəzərlə baxdığını duyub, dilxor oldu. İndi Vaqif bir daha eyni söhbətə qayıtmaq istəmir, Burnaşovun çariçanın mərhəmətinə həsr olunmuş söhbətini daxili bir kinlə dinləyib susurdu. Nəhayət, Vaqif, Burnaşovun inadına cavab olaraq, tamamilə məsələyə dəxli olmayan söhbətlərə keçib, çar nümayəndəsini dilxor etdi. 7 Vaqif Şişəyə gələr-gəlməz İbrahim xanın yanına gedib, Tiflisdə gördüklərini və eşitdiklərini nağıl elədi. Rusların gürcülərə qarşı olan rəftarı və Qarabağın şərtsiz və müahidəsiz olaraq Rusiya təbəəliyinə girməsi təklifi xanı odladı. Onun həmişəki kimi yalnız çənəsi deyil, bütün vücudu qəzəbdən titrədi. – Yaxşı, – dedi, – bəs sən mənim qüvvətimi, Qalanın möhkəmliyini demədin? Vaqif sakit səslə cavab verdi: – Xan, hamısını söylədim... Hamısını dedim, başa saldım... – Bəs nə oldu? – Elə öz dediyini dedi. Xan dinmədi, lakin əsəbləri içərisini söküb dağıdırdı. Maşa ilə buxarını qurdalayır, düşünürdü. Vaqif xanı sakit eləmək üçün: – Xan, – dedi, – it itin ayağını basmaz, deyərlər. İrakli xaçpərəst, urus xaçpərəst. Bizə qarşı kinləri var. Bir də ki, urusların ayaqları yer alıb: osmanlıları basdılar, Krımı aldılar. Bu qalibiyyət urusları qudurdub. Özlərinin də ki, nizamlı qoşunları, top-topxanaları, dəstgahları yerindədir. Xan dinmir, yenə titrək əllərilə ocağı qarışdırırdı. Birdən ayılan kimi oldu: – Əliməmmədin dalınca adam göndərmişəm, gəlsin görək məsləhətimiz nədir, – dedi. Vaqif nikbin bir səslə: – Xan, – dedi, – urusları yumşaltmaq üçün vasitə çoxdur: hələlik qalanı bərkitmək, təzə toplar almaq, cəbbəxanamızı, sursatımızı artırmaq lazımdır. Hazırlıq gördüyümüzü, şübhəsiz, ermənilər Tiflisə xəbər aparacaqlar. Görək nə olur. – Vaqif bir az susdu sonra ehtiyatla əlavə etdi: – Fətəli xan Allah deyəndən desə, nə var ki... Xan Fətəli xan sözündən təkrar qəzəbləndi: – O qancığın sözünü danışma! – dedi. – Onun ipinin üstünə odun yığılarmı? O kafirdən də pisdir! Qapı açıldı, mirzə Əliməmməd ağa içəri girdi. Soyuqdan burnu qızarmışdı, kirpikləri qırov bağlanmışdı. Salam verib oturdu. Qızarmış əllərini bir-birinə çəkinərək sürtür və düşüncəli bir halda şişələri torlanmış rəngin pəncərəyə baxırdı. Xan maşanı yerə qoyub, üzünü sağ tərəfində oturmuş Mirzə Əliməmməd ağaya çevirdi: – Təzə nə var? – dedi. Mirzə Əliməmməd ağa itaətkar bir vəziyyət alaraq, əllərini dizlərinin üstünə qoydu: – O günkü xəbərdən başqa, təzə bir şey yoxdur: uruslar Ağaməmməd xana külli hədiyyələr və xələtlər göndərmişlər. Əvvəl tanımaq istəmirdilər, indi nə olubsa qılıqlanırlar. Əlimurad xan İsfahanda möhkəm oturub, Ağaməmməd xanı tanımaq istəməyir. Başbuğ Sadıq xanı müzməhəll edib, 18 oğlu ilə bərabər həlak ediblər. Tacirlərin gətirdiyi xəbərə görə, Firəngistan Isfahana elçi göndərib, danışıq aparır. Vaqif bu söhbətləri dinləyib, təsbeh çevirir və düşünürdü. Mirzə Əliməmməd sözünü bitirdikdən sonra xan Vaqifin üzünə baxdı, bu işarə idi: Vaqifdən məsləhət soruşurdu. Vaqif dikəldi, gözləri dirçələrək od parlatmağa başladı: – Xan, – dedi, – bu xəbərlər onu göstərir ki, hələ İrandan bizə azar yoxdur – ititlə dalaşar, yolçunun işi uvanda düşər: məsələ urus məsələsidir. Erməni məlikləri və keşişləri burda olanların üstünə beşini də artırıb, urusa yazırlar “bağ belə, bostan belə” deyirlər, uruslar da inanır. Urus ilə olan məsələni yoluna qoymaq lazımdır. Qüvvətə qalsa, biz bacarmayacağıq, bir tərəfdən özü, o bir tərəfdən də Fətəli xan... – Vaqif duruxdu, nədənsə, buxarının kənarına düşmüş bir kösövü maşa ilə götürüb, alovun içinə atdı və sözlərinə davam etdi: – Tədbir işlətməliyik... İrakli bizdən çıxıb, urusun olub, özündən başqası yadına düşmür. Burnunu ovmaq üçün Gəncəni və Irəvanı onun əlindən çıxarmalıyıq. Süleyman paşa ilə əlaqəyə girmək lazımdır. Ömər xan hücuma hazırlanmalıdır. Xanlığı əlindən alınmış Ağası xana kömək verməliyik Şamaxı xanı Məmmədhəsənin üstünə getsin; bilirsən ki, Fətəli xanın qızı Məmmədhəsənin oğlundadır, qohumluq vasitəsilə Fətəli xan Şirvanı idarə edir. Şəki xanı Hacı Əbdilqədir də dinc durmayır, o da Fətəli xanla əlbirdir. Buna qarşı da bir çarə tapmalı... Bu tədbirlər görülməsə, başımızı salamat saxlaya bilməyəcəyik. Xan düşgün bir səslə: – Əbdilqədir... Əbdilqədir... – deyə başını tərpətdi və yanıqlı dedi: – Kimə inanasan ki! Duz-çörək xətiri qalmayıb ki?! Bu Əbdilqədir qoduq Məkkə ziyarətindən qayıdıb, Kürün qırağına, Dardoqqaza sığınmışdı. Bilmirdi başını hara dürtsün. Qumuq xanı Məmməd gəlib qardaşı Ağakişi xanı öldürüb, Şəki xanlığına yiyələnmişdi. Qardaşı oğlu Hüseyn xan Ağası xandan kömək aldı. Məmməd xanı qovub, Şəkidə xan oldu. Bu Əbdilqədir qoduq yanıma adam yolladı, yalvardı. Yazığım gəldi... Həm də, dedim, Fətəliyə yağı olar. Kömək göndərdim, Şəkiyə hücum edib, qardaşı oğlu Hüseyn xanı boğdurub, yerində oturdu... Bunun əvəzində indi mənə yağı olub... Eh, ay axund, İnsanın üzü dönük olurmuş! Vaqif gülümsündü: – Xan, – dedi, – dünyanın həmişə işləri belə olmuş, belə də olacaq! Zor və hiylə! – gərdişi-dövranın bünövrəsi zor və hiylədə yoğrulmuşdur. Insafa sığmasa da, belədir! Hacı Əbdülqədirin öhdəsindən yenə yazıq Hüseyn xan Müştağın oğlu Məmmədhəsən xan gələ bilər. O vaxtdan bəri burada boş bekar gəzir. Sabah əmr elə, getsin Car tərəfdə qoşun tədarükünə düşsün. Vaqifin təklifi xanın xoşuna gəldi. Hacı Əbdilqədir xan Dardoqqazda qoşun toplarkən Şəki hökmdarı Hüseyn xan Müştaq oğlu Məmmədhəsən xanı Əbdilqədirin yanına göndərib, barışıq təklif etmişdi, o da qardaşı nəvəsi olan Məmmədhəsən xanı tutub, qolubağlı olaraq Şişəyə göndərmişdi ki, İbrahim xan onu tələf etsin. O vaxt Vaqifin məsləhətilə Məmmədhəsən xan öldürülmədi və Əbdilqədir xanı razı buraxmaq üçün Məmmədhəsən xanın köynəyi qana bulaşdırılıb, ona göndərilmişdi. Indi Vaqif vaxtilə sağ qalmasına səbəb olduğu Məmmədhəsən xandan istifadə etmək istəyirdi. Müşavirə qürubdan bir-iki saat keçənə qədər davam etdi, Vaqif ilə Mirzə Əliməmməd xandan ayrıldılar. Xan buxarının kənarında tək qalaraq, yenə maşanı əlinə alıb, ocağı qurdalamağa başladı. Qaravaş yavaş addımlarla ona yanaşıb: – Xan sağ olsun, hansı otaqda süfrə salım? – deyə intizarla dayandı. Saray adətincə xan hansı arvadının yanında şam eləsəydi, orada da gecələrdi. Odur ki, qaravaş hər axşam xanın rəyini bilməli idi. Xan qaravaşa bir neçə saniyə cavab vermədi, sonra titrək səslə: – Çörəyimi burada yeyəcəyəm, – dedi. – Nökərə de, buxarıya odun atsın! Qaravaş təzim etdi: – Baş üstə, – deyib çıxdı. Şamdan sonra xan yenə özünü çırthaçırtla yanan buxarının yanına verib oturdu. Əvvəl yeməyin təsiri olmalıdır ki, bir az sakitləşmişdi, sonra get-gedə yenə əsəbiləşdi. Vaqifin Tiflisdən gətirdiyi xəbəri təkrar-təkrar xatirindən keçirib od tutub yandı: “Mən dəfələrlə kömək verib, dardan qurtardığım İrakliyə tac gəlsin, peşkəşlər gəlsin... Mənə də şərtsiz-şürurtsuz təbəəlik təklif olunsun?! Mən bu günə qalmışam? Mən Pənah xanın oğlu, Ərğun xan övladı?.. Bütün Azərbaycan xanları mənim məsləhətimlə iş görsün, mən kafirə boyun əyim, qul olum? Fətəli qancıq, elə düşmənçilik! Qalsın sənnən mənimki... Əbdilqədir qoduq da ayaq qaldırır. Bunlar hamısı o dönük İraklinin işidir. Yedin Irəvandan və Gəncədən gələn tümənləri!.. Bu odun nə yaxşı yanır... Dəmirqaranın yaxşı közü olur. Bu yemişan da elə tüstü verir – nə istisi var, nə odu. Ah neyləyim, əlimdə imkan ola, Qurbanın külünü göyə sovuraram. Şəkinin yerində arpa əkdirərəm. Şam da tez əriyir... görəsən, piyi nədən qayırırlar? Çoxdan başlar yerindən oynamayıb. A köpək uşağı məliklər!..” Saatlarla davam edən qarışıq fikirlər İbrahim xanı məşğul etdi, əsəbiləşdi, yuxusu tamamilə qaçdı. Nəhayət, onun ağırlaşmış başına bir yüngüllük gəldi, sanki çıxılmaz yolda bir işıq görünüb onu çətinlikdən qurtardı. Xan Vaqifin tədbirlərini yadına salıb sakit oldu. Birdən əsəbi bir gülüş onun vahiməli çöhrəsinə bir həlimlik saçdı. Bu, saatlarca çəkdiyi üzüntü ona yersiz və gülünc göründü. Xan ayağa qalxıb, əsnədi, ona bir gərnəşmə gəldi. Qəribə bir titrəyiş bütün vücudunu qaplayıb keçdi. Şamdana baxdı, şamın son şöləsi alovlanaraq cızıltı qoparmışdı. O biri şamdandan bir şam götürüb, yandırdı və cızıldayan şamın üzərinə basdı. Tamamilə sakit idi. Şamdanı götürüb, otaqdan çıxdı. Bir də çöndü, divarın dibində dik durmuş pişxidməti süzdü: – Şamları keçir, get yat! – deyib hərəm dairəsinə keçdi. Məmmədhəsən ağanın anası xor-xor xoruldayırdı. Xan keçdi. Qaradağlı Şahnisə xanım üzünü divara çevirmişdi, yuxuda idi. O biri otaq Məlik Şahnəzərin qızı Hürzadın idi. Ondan sonrakında Şahverdi xanın qızı Xurşud bəyim yatırdı... Xan bu yaşlı arvadlarının yanlarında qalmazdı. İndi də diqqət verməyib keçdi. Üngütlü Allahyar bəyin qızının yorğanı düşmüşdü. Xan düzəldib, yenə keçdi. Getdikcə şam əriyib, barmaqlarında donurdu. Gəncəli Cavad xanın bacısı Tutubəyim ağ biləklərini başının altına qoyub, sakit yatmışdı. Xan ayaq saxlayıb, ehtiraslı baxışla onu süzdü. İşıq Tutu bəyimin üzünə düşdükdə, gözlərini açdı. Şüursuz bir baxışla xana tərəf çevrildi, gərnəşərək gülümsədi. – Ay xan, indiyətən hələ yatmamısan? – deyə başını qaldırdı. İri hörüyü ilan kimi, ağ yastığın üstündə qıvrıldı. – Gəl görüm, yəqin üşümüsən. Xan Tutu bəyimin yan tərəfində oturdu. Tutu bəyim şamdanı aldı, xalının üstünə qoyub, xanın soyuq əllərini dolğun döşlərinə basdı. Xan xoş bir hərarət duyaraq nəşələndi. Tutu bəyim oxşayıcı şirin səsilə: – Niyə yatmamısan? – deyə sorduqda, xanın yaralarını təzələdi. Yenə Tiflis, Quba, Şəki bir-birinə qarışaraq, bütün ağırlığı ilə onun üzərinə töküldü. Xan cavab vermədən əllərini arvadının atəşin sinəsindən ayırıb, dik qalxdı. Yenə şam əlində olaraq hərəm dairəsini dolaşmağa başladı... Avar xanı Ömərin bacısı Bikə ağa büzüşüb, yatağın ortasında qalmışdı... Sonra naxçıvanlı Ruğaşın, tağlı Sonanın, Dızaq məliyinin qızı Xatayın, Bəhmənli Xədicənin, Sarıcalı Mürəssa xanımın və başqalarının otaqlarından keçib, son otağa çatdı. Hər yeri xalı, xalça, cecim və ipəklə bəzənmiş bu otaq Şişə sövdəgəri Hacı Kərimin qızı Anaxanıma təxsis olunmuşdu. Anaxanım İbrahim xanın ən yeni arvadı idi. On altı-on yeddi yaşlarında, ətli-canlı bir qız idi. Xan otağa girdikdə gülab iyi onu məst elədi. Titrək əli ilə şamdanı yuxarı qaldırıb, ipək yorğan altında uzanmış Anaxanımı seyr etdi: yorğanın bir tərəfi sürüşüb xalının üstünə düşmüşdü, qızın dışarı çıxmış sol döşü qar kimi ağarırdı: qara kirpiklər dairələnərək xəfif kölgə salmışdı: totuq yanaqlar dan yeri kimi parıl-parıl yanırdı... Xan əlini belinə atıb, titrək barmaqlarilə şal qurşağını açmağa başladı... 8 Xan səhər tezdən oyandı. Anaxanım gecə onun yuxuda ağır iniltisini dəfələrlə eşitmişdi: Burnaşov xanın yuxusuna əjdaha sifətində girib, onunla boğuşmuş, neçə yerindən yaralamışdı. Bu yaraların ağrısı hələ də canından çıxmamışdı. İçərisində sanki bir şey üzülmüşdü, bütün ətrafında gördükləri ona toxunub qıcıqlayırdı. Xan divan otağına gəlib, orada təkbaşına oturdu. Bu yaxşı əlamət deyildi: xanın qəzəblənməsini bütün saray eşidib, titrətməyə düşdü. Təlxəklərin dalınca adam göndərildi, məşhur Lotuoğlu çağırıldı, həmişə xanın kefini o açardı. Şəhərin bütün məzəli adamları buraya toplanıldı. Məclis tamam olduqdan sonra Lotuoğlu məclisin ortasına çıxıb durdu. Hamının gözü onda idi. Birdən bir ədəbsizlik elədi, sonra xana baxaraq: – Səsi çıxmır, barıtı nəm çəkib, – deyə güldü. Məclis də xanın kefini açmaq üçün qaqqanaq çəkdi. Xanın üzündəki qırışların biri də açılmadı. Lotuoğlu təlxəklərdən birilə saqqaldan fincan oynayıb, gül vurdu: – Uddum! – deyə qışqırdı. Müarizi: – Hələ udmamısan, saqqalım yerindədir, – deyə otaqdan qaçır, Lotuoğlu da onu qovurdu. Ortalıqda dombalaq vurub, camaatı güldürürdülərsə də, xana təsir etmirdi. Nəhayət, Lotuoğlu müarizini yerə yıxıb, çığırda-çığırda saqqalını qırxıb, qurşağından asdığı dəsmala yığdı. Bunların heç biri İbrahim xana təsir etməyirdi: tez-tez yanında duran Şahməmmədə əmrlər verir, şəhərdə dikbaşlıq edən adamları zindana atdırırdı. Sarayı bürüyən vahimə şəhəri də bürüməyə başlamışdı: adamları şişə çəkəcəklər, qurşunu əridib boğazına, dağlayıb başına tökəcəklərdi: qızılquşlara bu gün yem verilməsin deyə buyurulmuşdu, onlar diri İnsan ətilə doyrulacaqdı... Təlxəklər xan qəzəbinin önünü almağa var qüvvələrini sərf edirdilərsə də, bir nəticə çıxmayırdı. Lotuoğlu bir kələk də düşündü: qürurla keçib, yuxarı başda xanla yanyana oturub, qaşqabağını tökdü. Təlxəklərdən birini yanına çağırıb: – Qəzəbim tutub, kefimi açmasanız hamınızı yumurtladacağam, – deyə İbrahim xanın təqlidini çıxarmağa başladı. Təlxəklər bütün kələklərini meydana qoydular: it kimi hürüşdülər, çaqqal kimi ulaşdılar, banladılar, anqırdılar, kişnədilər... Xanın halına təfavüt eləmədi. Lotuoğlu qəzəbli səslə: Qəzəbim gül vurur, bu saat yumurtlayın! – deyə qışqırdı. İyirmi-otuz təlxək orda-burda çömbəlib, qaqqanaq vura-vura “yumurtlamağa” başladılar. Arada bir ədəbsizlik edib: – Hələ harasıdır, gör sonrası nədir! – deyə hırıldaşdılar. Xan yenə əvvəlki vəziyyətdə oturub, gözlərindən ildırım şığıyırdı. Bu əsnadə Xanməmməd gəlib, çıxdı. Oturar-oturmaz, əllərini ölçərək qonşusuna bir şeylər nağıl eləməyə başladı. Xanın qəzəbli gözləri onda idi. Birdən: – Xanməmməd, nə nağıl eləyirsən? – deyə qışqırdı. Özlərini xan məclisində sərbəst aparan təlxəklər belə qorxularından qınlarına girdilər. Xanməmməd cürətsiz bir səslə: – Xan sağ olsun, – dedi, bir yuxu görmüşəm, onu nağıl eləyirəm. – Nə yuxu? Bərkdən de, mən də eşidim. Xanın təklifi məclisə bir təsəlli oldu. Çünki Xanməmməd dəfələrlə xanın qəzəbini söndürmüş bir adam idi. Bu dəfə də nağıl eləyib, xanı güldürəcəyinə ümid edirdi. – Xan sağ olsun, – dedi, – bu gecə yuxuda gördüm ki, guya sən məni divanxana qabağında asdırdın. Mehralı bəy bulağında yudurtdun. Datələbin altında da basdırtdın. Xan çönüb Şahməmmədə baxdı, Şahməmməd həmən təzim edib, ona yanaşdı: Şahməmməd, cəllada tapşır, sənin bu axmaq qardaşını divanxana qabağında assın, Mehralı bulağında yusun, Datələbin altında da basdırsın. Şahməmmədin divan otağından dışarı çıxıb, içəri girməsi bir dəqiqə çəkdi: qırmızı geyimli cəlladlar gəlib Xanməmmədi apardılar... Vaqifin yol yorğunluğu hələ canından çıxmamışdı, keçdiyi dağların şaxtasından zökəm də olmuşdu. Onun üçün hələ yatağında uzanıb, Füzulinin mütaliəsilə məşğul idi. Füzulini dəfələrlə oxumuşdu, yenə istirahət zamanı onu əlindən yerə qoymazdı. Qoca lələ ayağının ucunda içəri girib: – Ağa, səni görmək istəyirlər, – dedi. – Kimdir? Lələ ürkək səslə cavab verdi: – Ağa, deyəsən, xanın yenə qəzəbi tutub... Vaqif məsələni o saat anladı, cəld geyinərək: – Çağır kallayıya gəlsinlər, çöl şaxtadır! – deyə lələyə tərəf yönəldi. Lələ yavaş səslə: – Ağa, kallayı tutmaz, camaat tamam tökülüb gəlib, – deyə kənara çəkildi. Vaqif artırmaya çıxıb, gördü ki, həyət, pilləkən, artırma – hər yer adamla doludur. Bir çox qucağı uşaqlı arvad özündən gedib, qarın üstünə sərilmişdi. Vaqif bu mənzərələrə alışıq idisə, ürəyi sancdı. Lakin zahiri soyuqqanlılığını saxlayaraq, ricaya gələnlərin bir-ikisini içəri çağırdı. Dərdlərini dinlədi: adamları zindana atılmışdı. Vaqif sakitcə: – İş belədir – deyib, bir az iztirabını toxtatdı: bir otuz-qırx adam ağ kəfən geyib, əli gordalı sarayın həyətinə gələrsiniz, mən sizə indi biriki zikr verəcəyəm, onu oxuyub, başınızı gorda ilə yararsınız. Sonrası ilə sizin işiniz yoxdur, bu saat özüm saraya gedəcəyəm. Vaqif bu göstərişi verdikdən sonra pəncərənin içindəki döşəkçənin üstünə çəkildi, bir parça kağız götürüb yazdı. Sonra kağızı büküb verdi: – Bax başınızı yararkən bunu oxuyarsınız. Di gedin, dediyimi tez eləyin, mən də gəlirəm. Vaqif divanxana qabağından keçib, saraya gedərkən yazıq Xanməmmədi dar ağacından asılı gördü. Qarlı külək onun meyitini havada tərpədirdi. Ətrafa böyük bir izdiham toplanıb, cəlladların ocaq qalayıb, adam çəkmək üçün şiş hazırladıqlarına tamaşa edirdi. Vaqif saraya daxil olduqda İbrahim xanın qəzəbi hələ soyumamışdı: darğa, mizandar, əmr-bə-məruf hüzura çağırılıb, onlardan cəzalanmaq üçün adam tələb olunurdu. Şahməmməd İbrahim xanın buyruqları altında şaşıb qalmışdı; daşqəlbli də olsa, qardaşı Xanməmmədin asılması onu sarsıtmışdı. Vaqif salam verib, yuxarı başa keçdi. Salama cavab olaraq xanın yalnız dodaqları tərpəndi, səs eşidilmədi. Vaqif bir kəlmə belə danışmayıb, məclisdəki təlxəklərin şit hərəkətlərinə acı bir istehza ilə tamaşa edirdi. Birdən açılıb-örtülən qapıdan zikr səsi eşidilməyə başladı: Kərbəlada olmadıq, Şümri-sənani öldürək. Parə-parə eyləyək, Evladi-Heydər qanlısın. Ku Hüseynimə Va Hüseynimə Xana xəbər gəldi. Xan heyrətlə Vaqifin üzünə baxdı, Vaqif də üzündə eyni ifadəni göstərməyə çalışdı. Xan artırmaya adam qaçırtdı, heç kəs bu əhvalatdan baş aça bilmədi. Coşqun zikr səsi aydın eşidilir, ürəyə vahimə salırdı: Ey yezid, bihəya! Ruzi-əza va həsrəta! Nuri çeşmi- Müstəfa Əlbəttə, istər qanlısan! Ku Hüseynimə! Va Hüseynimə! Vaqif xanın tamamilə dəyişdiyini görərək: – Xan, zəhmət çəkin, görək nədir, – dedi. Durub artırmaya çıxdılar. Ağ kəfənli adamlar zikr deyib, başlarını gorda ilə yarırdılar. Qana bulaşmış kəfənlərə baxanda adamı dəhşət bürüyürdü. Xanı görcək səslər daha da ucaldı: Ol dəmdə Fatimə Gələcək qiyamətə, Əldə səri-Hüseyn. Guya Hüseyn ölüb, Matəm sədası var Ey vay! Bə dəşti- Kərbəla! Ku Hüseynimə! Va Hüseynimə! Qan süzülən dodaqlardan qopan bu coşqun zikr xanı iliyinə qədər sarsıtdı, titrək səslə Vaqifə yönəldi: – Axund, sən oxumuş adamsan, bu nədir? – dedi. Vaqif dəsmalını gözlərinə basıb, ağlar bir səslə: – Xan sağ olsun, – dedi, – Kərbəlada şəhid olmuş imam Hüseynin yolunda... – Vaqifin səsi qırıldı. Xan hövlnak soruşdu: – Nə xahişləri var? – Xan bugünkü dustaqların taxsırından keçməni istəyirlər... Xan, imam Hüseyn eşqindən keçmək olmaz!.. Dindar xanın göz yaşları saqqalı aşağı axırdı: – Axund, – dedi nə bilirsən elə, günaha batmayım! Vaqif başını artırma sürahisindən aşağı sallayıb, sevinc sezən bir səslə: – Ay camaat, – dedi, – xan bugünkü dustaqların taxsırını imam Hüseynə bağışlayır. Gedin, xanın ömrünə dua eləyin! – Sağ olsun! Ömrü uzun olsun! – deyə eşidilən səslər həyətlə bir oldu. 9 Vaqif yenə əlini atıb, fincanı qaldırdıqda üzük altından çıxdı: – Mirzə Əliməmməd, dedi, – yenə gül vurdum! Hələ ki işlər yaxşıdır. Lələ məcməyini qaldırıb, yenidən fincanları düzməyə apardı. Havanın titrəməsindən şamın şöləsi piyi yalamağa başladı. Mirzə Əliməmməd: – Elə məmləkət işlərində də gül vurmusan, – dedi. – Necə? – deyə Vaqif Mirzə Əliməmməd ağanın üzünə baxdı. Mirzə Əliməmməd ciddi bir səslə: – Axund, – dedi, – doğru ərz eləyirəm. Sənin bütün tədbirlərin yerini alır. Hüseyn bəy qoşun yığıb, İraklinin nayibini Gəncədən qovub. İrakli, deyirlər, bərk əl-ayaqdadır. Burnaşovdan qoşun istəyib. Qoşun da sursat istəyir. İraklinin nə sursatı var, nə pulu. İravan xanı da ki, bac vermək istəməyir. Məcməyi yenidən qoyulmuşdu. Vaqif gülərək Mirzə Əliməmmədin üzünə baxdı: – Nə verərsən, yenə gül vurum?! – dedi. – Nə istərsən! Vaqif əlini atdığı ilə üzüyü çıxartdığı bir oldu. Mirzə Əliməmməd heyrətlə: – Bu ağ oldu, – dedi. Vaqif zarafatla: – Yəni İraklinin hərəkətindən də ağ oldu? Deyir öz işimi düzəldərəm, sizi də gözdən salaram. Bu da iyirmi illik dostluğun nəticəsi! İbrahim xan ona nə köməklər eləmədi?! Indi deyir, Qalanın qapısını aç, uruslar girsin, erməni məliklərini başınıza ağa tiksin... Mirzə Əliməmməd əlini buxarıda qızdıraraq: – Bu onun xam xəyalıdır! – dedi. Vaqif də fincan oyunundan çəkilib, buxarının qabağına salınmış süfrədən bir iki tut qurusu götürüb ağzına atdı, sonra qızınaraq: – Görək, – dedi, – Musa Soltan nə xəbər gətirəcək. Rusiyaya birinci dəfə kağız aparanda yaxşı xəbər gətirmişdi. – Bu dəfə də gətirər. – Nə deyim, – deyə Vaqif düşündü: – Bizim şərtləri qəbul edərlərmi? Yazdım: himayəyə hazırıq, ancaq xan yerində qalacaq, daxili işlərimizə qarışılmayacaq, Qarabağ torpağının da dəci pozulmayacaq. Mirzə Əliməmməd: – Şərtlərimizi qəbul etməsələr, – dedi, – nə itiririk? – Heç nə! Biz məsələni uzatmalıyıq, görək bu işlərin axırı necə olur. Urusların gəlməsi bütün Iran və Osmanlı məmləkətini vəlvələyə salmışdır. Görmürsən, Süleyman Paşa nə yazır, deyir: “Urusun Tiflisə gəlməsi bir oddur ki, sizi də, bizi də yandıracaq”... Vaqif sözlərini kəsib, güldü. Mirzə Əliməmməd heyrətlə ona baxaraq dedi: – Deyəsən, yadına nə isə düşdü. Vaqif zarafatlı gülüşündə davam edərək: – A kişi, nə vaxt bir yerə gəldikmi, elə bu can sıxan söhbətlərdən əl çəkmirik. Vaqif burada bir az dayanıb, dərin bir təvəkküllə sözünə davam etdi: – Mirzə Əliməmməd, mənə elə gəlir ki, “cəhd çarıq yırtar” – doğru məsələdir. Bizim səyimizin mənası var, amma təsəvvür olunan qədər yox. Gərdişi-zəmanənin çay axını kimi bir axını var, bu axını dəyişsən də, axın axınlığını göstərəcək. Mən-sən, o-bu axının qarşısında heç mənziləsindədir. Azərbaycan xanları bir-birilə vuruşur, rəyasət üçün ata oğlunu, qardaş qardaşı öldürür, bir-birinin gözlərini çıxarır, elimiz, ulusumuz xanların kefi üçün qırılıb gedir: xanımanlar yanıb kül olur... Bu fəlakətə qarşı ürəyimiz çatlasa da, qabağını almaqdan acizik! Bunun üçün özümüzü üzməməli, qəlbdəki yaranın sızıltısını unutmaq üçün bir az da əylənməliyik. Deyirəm, nökəri göndərim şərbaf Kazım gəlsin, onda qəribə söhbətlər olur, bir az desin, vaxtı xoş keçirək. Lələ çağırıldı, nökərlərdən biri fanıs götürüb, Kazımın dalınca getdi. Kazımı yataqdan durquzub gətirmişdilər. Qapıdan girər-girməz: – Xeyr ola? – deyə güldü. – Xeyr olmamış nə var, buyur əyləş! Kazım oturdu. Süfrədəki tut qurusuna, qoz ləpəsinə baxıb, gülümsədi. Vaqif: – Buyur, ye! – dedi. Kazım rişxəndlə: – Naxçıvan yemişi olanda biz yaddan çıxırıq. Qoz ləpəsi olanda məni çağırırsan, bilirsən ki, dişim yoxdur. Vaqif etiraz eləmək isətədi, Kazım onun sözlərini kəsib, bir missal söylədi: – Bir gün, – dedi, – Molla Nəsrəddin yatıb yuxuda gördü ki, pul paylayırlar, hamıya ağ pul verdilər, buna qara pul. Molla acıqlanıb qışqırtı saldı. Öz səsinə yuxudan ayıldı. Ovcuna baxdı, gördü ovcu boşdur. Gözlərini yumdu dedi: “Zərər yoxdur, qara pul da olsa olar, verin gəlsin”. İndi, axund, elə qoz ləpəsinə də razıyam, verin gəlsin. Vaqiflə Mirzə Əliməmməd uğunub, getdilər. Kazım da boşqabdan bir qoz ləpəsi götürüb, ağzına atdı. Vaqif gülgəz dəsmalı ilə gözlərinin yaşını silərək, Kazıma baxır, ondan yeni bir lətifə eşitmək istəyirdi. Kazım isə qoz ləpəsini bu əngindən o biri ənginə aparıb, onu əzməyə çalışırdı. Vaqif istehza ilə: – A Kazım dadaş, deyəsən, dəyirmanın kardan düşüb? – dedi. Kazım: – Dəyirman başına nə kül töksün, – dedi, – arpa cadı üyütməkdən haldan düşüb. O qədər arpa çörəyi yemişəm ki, küçədə eşşəklərə: “Toqquş!” – deyilib, dayandırıldıqda, mən də dayanıram. Bu sözün də kəskinliyi Vaqifə xoş gəldi; zarafatla: – Kazım, – dedi, – sənə söz çatdırıla bilməz. Nahaq yerə xanın kefi tutulanda imarətə gəlmirsən. Bilirsən, bol xələt-barat alarsan. Kazım mütəvazi bir halda başını aşağı salıb, əllərini ovuşdurdu: – Axund, başına dönüm, kasıb adamıq, imarətdə nə işimiz var! Bəs eşitməmisən ki, xan ilə bostan əkənin tağı çiynində bitər? Mirzə Əliməmməd ağa çox ehtiyatlı bir dövlət adamı olduğu üçün Kazımın bəzi işarələrindən xoşlanmadı. Sözü dəyişmək üçün, buxarının sönməsini əlində bir bəhanə etdi. – Axund, atəş deyəsən, bizə vəfasızlıq göstərmək istəyir, – deyə buxarını göstərdi. – Hər şeyin çarəsi var! – deyə Vaqif lələni çağırıb, buxarını təzədən qalatdırdı və şamdanın da şamını təzələtdirdi. Sonra lələyə çönərək dedi: – Lələ, uşaqlara de, bir yaxşı halva çalsınlar, gecə uzundur, oturacağıq. Kazım gülümsünərək, həyatında baş vermiş bir hadisəni xatırlayıb başladı: – Halva dedin, yadıma bir əhvalat düşdü. İrandayam, cavan vaxtımda, dava eləyirəm. Əhərin yanında məni əsir apardılar. Xülasə gəldik çıxdıq Əhərə. Məni bir xana satdılar, ona nökər oldum. Məlum oldu ki, bu xanın özü Cavanşir elindəndir... Vaqif onun sözlərini kəsərək: – Deməli, qohum çıxdınız, – deyə güldü. – Hə, qohum çıxdıq. Özü də mənim kimi: “azacıq aşım, ağrımaz başım” – deyənlərdən idi. Bir balaca mülkü vardı, ondan dolanardı. Davaşava ilə işi yox idi. Bütün varını-yoxunu məzəli adamlara yedirərdi. Nökərin də məzəlisini sevərdi. Bir gün bu, pilləkənlə eyvana çıxar, mən də bunun dalınca. Pilləkənin ortasında bunun budundan bir çimdik götürdüm. Acıqlı dönüb, üzümə baxanda dedim: “Xan, bağışla elə bildim, xanımındır”. Bunu eşidər-eşitməz qaqqanaq çəkib, güldü. Dedi: “Bax, indi xoşuma gəldin. Haralısan?” Dedim: “Qarabağlı” Dedi: “Ora niyə Qarabağ deyirlər”. Dedim: “Çünki hər şeyimiz qara bağlıdır, bir kəs ilə haqq-hesabımız da olanda, qarın üstünə yazırıq, möhkəm qalsın”. Xan yenə güldü, dedi: “Sənin bu günkü təqsirini da qara yazdım. Get! “Pilləkənin aşağısına enib, dayandım. Dedim: “A xan, başa düşmədim, mənim təqsirimi qara yazdın, yoxsa qarın üstünə yazdın?” Xan yenə güldü, amma gülüşü xoşuma gəlmədi. Qorxdum. Dedim, xandı, onun tərsi, avandı olmaz, acığı tutub, başımı vurdurar. Birdən bağırdı: “İtil burdan! Sənin halvanı çaldırram”, – deyib, üstümə şığıdı. Dedim: “Xan, çoxdan itilərdim, amma darvaza bağlıdır”. Xanın kefi təzədən açıldı, gülə-gülə dedi: “Ay gədə, sən çox həlləm-qəlləm adama oxşayırsan. Məndən nə istəyirsən de verim, təki çıx get. Məni xatadan sav! Dedim: “Məni azad elə, özümü də Arazdan keçirtdir, öz yurduma qayıdım. Xan düşündü. Sonra razı oldu. Cibimə də pul qoyub, məni yola saldı. Vaqif gülərək dedi: – Deməli, məzəliliyin xoşuna gəlməyib. – Yox, xan çox arvad qoruyan adam idi. Görünür, mənim zarafatımdan həslədi. Mən də qəsdən elədim ki, məni azad eləsin. Halva gəldi, yanında da Dızaq buğdasının yuxası. Zəfəranın iyi damağa çökürdü. Kazım dörd gözlə halvaya baxıb dedi: – Bax ölüyə dəysə dirilər – buna demişlər. Vaqif su səpilib, yumşaldılmış yuxanı kəsib, arasına halva qoyaqoya: – Görüm, – dedi, – halvadan sonra nələr nağıl eləyəcəksən. Zəfəran axı güldürən olar. Kazım halvadan iri tikələr vurub ötürür, gözlərinə işıq gəlirdi. Ağzını mırçıldada-mırçıldada dedi: – Axund, “adam güldürən” dedin, yadıma bir əhvalat düşdü. Ərdəbildəyəm. Payızın palçıqlı günüdür. Bisti üzünə də həsrətəm. Küçədə alçaq boylu, çəp gözlü birisinə rast gəldim. Dedim: “Bu məhəllənin adı nəmənədir?” Elə bunu dediyimi gördüm... Mənə cumdu-nə cumdu! Papağım başımdan düşüb, başdan ayağa palçıq oldu. Demə bu adama “Bu məhəllənin adı nəmənədir?” – deyəndə acığı tutarmış. Mən doğrudan soruşardım, bu zarafat hesab edib. Xülasə, papağımı başıma qoyub, gedirəm, gördüm, bir həyətə adamlar girib-çıxır. Birisindən soruşdum ki, burada nə var, dedi ki, adam ölüb. Dedim elə yaxşı oldu: gedim həm başsağlığı verərəm, həm də ehsan plovundan yeyib, qarnımı doyuraram. İçəri girib, oturdum. Bir də baxıram, məclisdən durub gedənlər yanıma gəlib, mənə başsağlığı verirlər. Lap məəttəl qaldım. Dedim, ya bu şəhərin əhli dəli olub, ya mən... Demə, bu şəhərdə adamı ölənin papağına palçıq sürtərmişlər ki, təziyədar olduğu bilinsin. Papağım palçıqlı imiş deyə məni təziyədar biliblər... Sonra o qədər gülmüşəm ki... Söhbət gecənin yarısına çəkdi və gecənin yarısına kimi də Vaqif Kazımı söylədib, güldü. 10 Baharın sevimli günəşi günorta yerinə gəlmişdi. Lakin günəşdə etibar görünməyirdi: yerdən buğ qalxır, dağların başı dumanlanır və üfüqlər bulaşmağa başlayırdı. Bir az sonra hardansa göyü qara buludlar qapamağa başladı, günəş qeyb oldu, hava qaraldı. Uzaqdan guruldayaraq gələn şimşəklər şəhərin üstündə şaqqıldayıb, hara isə düşdü. Sanki göy də şüşə pəncərə kimi onun arxasınca qırılıb, çilik-çilik oldu. Taxtapuşlara və damlara tökülən dolunun nəriltisindən şəhərə bir vahimə çökdü. Safdil Telli dolunun önünü almaq üçün sacayağını ayaqları yuxarı, qazanı üzüqoylu çevirib, hananın üstündə oturdu və ilmə vuran Gülnazı təlaşla çağırdı: – Ay Gülnaz, sən də hana toxumağa vaxt tapdın, – dedi. – Sən anayın ilkisən, gəl yeddi dolu götür, dişlə, dolu yaralanıb kəsilsin. Gülnaz gülərək yerindən cəld qalxdı, iplərin boyalarına bulaşmış barmaqları ilə artırmaya atılmış dolulardan götürdü, dişləyib, atmağa başladı. Dolu şiddətlə tökür, ağacların yarpaqlarını, çağala meyvələrini vurub, yerə salırdı. Tellinin anası tez-tez kəlmeyi-şəhadət deyib, təsbeh çəkir və deyirdi: – Tanrının qüdrətinə şükür, ağaclarda meyvə qalmadı, görəsən yenə harda nahaq qan olur ki, bəlasını çəkirik. Göy bir də şaqqıldadı, arxasınca eşidilən qurultu dalğalanaraq uzaqlaşdı. Buludlar seyrəkləşib yayılır, günəşin xoş təbəssümü yenə aləmə zərlər səpməyə başladı. Telli ilə Gülnaz hananı buraxıb həyətə çıxdılar: ağacların altında dolu təll atılmışdı. Didik-didik olmuş yarpaqlar və firuzə rəngli alçalar yerə səpilmişdi. Qızlar əyilib, alçaları yığarkən darvaza açılıb, Səfər içəri girdi. Üzündə həyəcan izləri vardı: – Telli, – dedi, – mən gedirəm. Al açarı evdən muğayat ol! Telli onun ansızın səfərlərinə alışıq da olsa, yenə hər dəfə dərdlənir və qorxuya düşürdü. O indi yalnız: – Hara? – deyə bildi və üz döndərib darvazaya tərəf gedən Səfərin arxasınca qoşdu. Səfər həyətdən çıxıb, qapıya bağladığı atının belinə sıçradı, son sözü isə bu oldu: – Quba xanı ilə Şəki xanı çoxlu qoşunla Kürü keçibdir... Səfərin atı nallarından palçıq qopararaq çapıb getdi. Telli də gözlərinin yaşlarını əlinin dalı ilə silə-silə evə döndü. Kazım işdən xəbər tutub, qonşudakı karxanasından çıxıb gəldi. Bütün ailə Tellinin başına toplandı. Telli üzünü hanaya tərəf çevirib, atasından utanaraq səssizcə ağlayır, Gülnaz ona təsəlli verirdi. Tellinin anası əllərini qoltuğuna qoyub, hanaya söykənmişdi, üzündə çıxılmaz dərd ifadəsi vardı. Kazım kişi artırmanın kənarında oturub, ayaqlarını yerə sallamışdı, çustunun ucu ilə təpimiş palçığı əzərək: – Tanrının səbrinə qurban olum!.. – deyib, hiddətlə göyə baxdı. Bu xanların boğuşması qurtarmır ki, biz də bir gözümüzü açaq, dünyanın işığına baxaq. Demək, bu il də taxıl olmayacaq, arpa çörəyinə də həsrət qalacağıq. Gündə bir gəlirlər tərəkəməni talayırlar, əkindən, biçindən avara olur. Əh! Tanrının bir ucuz ölümü də yoxdur ki, ölək qurtaraq. Gülnazın da anası gəlib çıxdı. Ağ çadrasının ucu ilə yaşmanaraq – Ay Kazım, – dedi, – bizim kişidən də heç xəbər-ətər yoxdu axı. Kazım ərkli bir hiddətlə: – Ay rəhmətliyin qızı, – dedi, – bizim dərdimiz elədir ki, Səfər getməyə bilməz, bilirsən ki, xanın buyruğundan çıxmaq olmaz. Başına da, Allah eləməmiş, bir iş gəlsə, Telli bədbəxt olacaq. – Tellinin çiyinləri əsib, hıçqırığı eşidildi. Kazım bir az da pərtləşərək sözünə davam etdi: – Sənin dərdin isə kəllə-mayallaq dərddir: kişin oturduğu yerdə özünü işə saldı, dedi: “Tiflisə gedib, mal gətirib, dövlət qazanacağam”. Sözümə qulaq vermədi. Ey, ay Pərizad, xatirinə dəyməsin, sənin ərin çox acgöz adamdır. Erməninin də tərsi lap tərs olur. İllərdən bəri yan-yana yaşayan, bir adət və qaydalı, yalnız dinləri başqa olan bu iki ailə baş-başa verib, bir-birinin dərdinə ağlayardı. İkisi də ən əvvəl Kürü keçən qoşunun nə bəlalar törədəcəyini əvvəlcədən bilir və dəhşətli nəticəsini eyni dərəcədə duyurdu. Bu əsnada İbrahim xan məiyyətilə bərabər Əsgərana göndərmiş olduğu qoşunu yoxlamaq üçün qala qapısından çıxırdı. Onu təşyi edən Kələntər Ağası bəy atını xan ilə yanaşı sürür və xanın tapşırıqlarına cavab olaraq: Arxayın ol, xan! Lap arxayın ol! – deyirdi. Qəbiristanlığın girəcəyində Ağası bəy əlini döşünə qoyub, xana və məiyyətinə təzim edib, döndü. Xan məiyyəti ilə gedirdi, hamı sükut içində idi. Vaqif yağışdan sonra təmizlənib, işıldayan otlara və çiçəklərə baxır, zövqlənirdi, lakin ətrafda dumanlanan hadisələr onun zövqünü qara bağrına basaraq boğurdu. Get-gedə qaçqınların ağzı açılmağa başladı: ellər, uluslar əkini buraxıb, canlarını qurtarmaq üçün dağ yuxarı qaçırdı. Qoyun-quzunun mələşməsi, atların kişnəşməsi, çocuqların ağlaşması bir-birinə qarışmışdı. El baş alıb gəlirdi. Vaqif bu mənzərəyə baxıb, düşünür, silinməz acılıqlar duyurdu. İbrahim xanın sərt baxışında intiqam alovu yanırdı: – Bu adam işin irəlisini-gerisini düşünmür? – deyə Vaqifə müraciət etdi. İşarə Fətəli xana idi. Vaqif ikrahedici bir sifətlə: – Xan – dedi, – bu adam urus yasavuludur: ağa deyir sür dərəyə – sür dərəyə! Urusdan kisə-kisə əşrəfi alır: gərək bir canfəşanlıq göstərsin, ya yox?! Bunlar hamısı bizi yumşaldıb, boyunduruğa keçirmək üçündür. Xan hiddətli səslə: – Dünya dağılsa da, mən o boyunduruğu qəbul etməyəcəyəm. Erməni məlikləri mənə ağalıq edə bilməz! Valiyə edilən hörmətdən mənə də olarsa, razıyam... Rus torpağına məktub aparıb, qayıtmış Musa Soltan da burada idi. Dolğun vücudu ilə ata yastanıb, söhbətə qulaq verirdi. Uzun bığını düzəldib dedi: Heç dediklərindən dönürlər ki?! Mən urusları bir qanan adam bilirdim, amma elə tutduqları yerdən istəyirlər. Siz bizə inanın, padşahın mərhəməti böyükdür, – deyirlər... Xan hiddətlə onun sözlərini kəsdi: – Tanrı onları da vursun, mərhəmətlərini də! Onların mərhəməti daha bundan artıq olmayacaq ki, – deyə xan yamacla dırmanan qaçqınları göstərdi. – Fətəli qancığı yelləyib, mənim üstümə göndərir... Ölsələr də boyun əyməyəcəyəm, mənə də İbrahim Xəlil xan deyərlər! Məmməd bəyin dəstəsi arxadan gəlirdi. Məmməd bəy xanın atı aramla sürməsindən razı deyildi. Onun atı cilovu gəmirirdi, başını buraxmaq lazım idi, amma xandan qabağa keçə bilmir. Nəhayət, cürətlənib, xana yanaşdı: – Əmi, izin ver biz qabaqca gedək, – dedi, ala gözlərini xanın üzünə dikdi. – Get!.. Bir bil gör o qancığın başında nə qədər adam var. Dağlardan adam yolla, daldan soxulub, qırsınlar. Məmməd bəy: – Baş üstə! – deyib, qızıl kürəni tərpətdi. Otuz-qırx nökəri də atları səyirtdilər. İbrahim xan qoşununun böyük bir hissəsini Əsgərənda yerləşdirmişdi. Fətəli xanın qüvvətini bilmədən qoşunu aran düzünə çıxarmaq məsləhət görülməmişdi. Ancaq xəbər bilmək üçün ayrı-ayrı dəstələr irəli göndərilmişdi. Məmməd bəy Əsgəranı keçib, sürətini azaltmaq məcburiyyətində qaldı, çünki yollar arandan axıb gələn ellərlə dolu idi. Qaraağacıya çatanda bir qoca kişi onu saxlayıb, atının ayağına yıxıldı. – Amandı, ağa! Qız!.. İki qızımı apardılar!.. Məmməd bəy: – Haradan...Haradadılar? – deyə təlaşla soruşdu. – Bərdə... Bərdəni yandırdılar. Məmməd bəy sürüb, getdi. Fikri özünü Kəhrizliyə yetirib, arvadları Ayişə və Hürünü dağa yola salmaq idi. Ağdamda onlara rast gəldi: yüzbaşı bütün Kəhrizli elini yığıb gəlirdi. Məmməd bəy onları Qaraağacıya qədər təşyi edib, geri döndü. İndi atlılar toz qopararaq Bərdəyə tərəf çapırdılar. Kəndlər, yataqlar, qışlaqlar başına buraxılmışdı: heç yerdə adama rast gəlinməyirdi. Əkinlər yarımçıq qalmışdı. Qərvəndə yaxın bir yerdə Fətəli xanın pişdarlarına rast gəldilər: əlliyə qədər atlı yavaş-yavaş gəlirdi. Arxadakı dəvədə bir zəmbərək topu da vardı. Məmməd bəyin dəstəsi dərəyə çönüb, atdan endi. Nar kollarının arasında gizləndilər. Düşmən pişdarı yaxınlaşırdı, danışıqları belə aydın eşidilirdi. Gəlib, yanlarından keçəndə kolların arasından güllər açıldı. Birinci güllə zəmbərəkçini aşırıb, dəvədən saldı. Atlıların arasına çaxnaşıq düşüb, hərəsi bir tərəfə qaçdı. Məmməd bəy tüfəngi çiyninə aşırıb, öz adamlarına: – Atlanın görək! – deyib, atın belinə sıçradı. Qılıncları sıyırıb, düşmənlərə soxuldular. Məmməd bəy təpədə birisinə çatıb, arxadan qılıncı boynuna endirdi. Qan fışqırtı ilə atın yəhər-əvabına səpildi. Atlı köklü ağac kimi endirildi, lakin sol ayağı üzəngiyə ilişib, qaldığından, at onu yer ilə sürükləyərək apardı. Yerdə qalan düşmənləri də Məmməd bəyin nökərləri, izləyib qılıncdan keçirirdi. Uzaqdan böyük toz qopmuşdu. Məmməd bəy təpəyə çıxıb, əlini gözlərinin üstünə qoyub, diqqətlə baxdı: – Uşaqlar, çoxlu qoşun gəlir, görürsünüzmü? Bax, deyəsən qabaqdakı da Fətəli xanın özüdür... Daha durmaq yeri deyil, keçək dağ ətəklərinə, adam yığaq, daldan soxulaq, görək nə olur... İbrahim xan məiyyətilə Əsgərana çatıb, orada dayandı. Qasidlərin gətirdiyi xəbərə görə Fətəli xanla Hacı Əbdilqədir xanın qoşunu on minə qədər idi. Dörd də mis topları var idi. İbrahim xanın çadırında bir müşavirə olub, məsələ müzakirə edildi. Əvvəlki tədbirdən çəkinməmək qərara alındı – bütün aranı Fətəli xana buraxıb, gücü Dağıstan tərəfə vermək qət olunmuşdu. Oraya göndərilmiş Şəki xanının oğlu Məmmədhəsən xana böyük ümid bağlanırdı. Məmmədhəsən xan Ömər xanın vasitəsilə qüvvət toplayıb, Fətəli xanın cənuba enməsindən istifadə etməli idi. Ağdam tərəfdən çıxan tüstü artıq Fətəli xanın ora çatmadığını göstərirdi. İbrahim xan ata minib, qoşunu və səngərləri yoxlayır, Fətəli xanın gəlməsini gözləyirdi. Lakin günlər keçir, düşməndən bir əsər görünməyirdi. Gecə Ağdama atlılar göndərildi, gətirdikləri xəbərdən məlum oldu ki, Fətəli xan kənd-kəsəyi yandıra-yandıra Araza tərəf gedir. 11 Səfərin buduna güllə dəymişdi, evində yatırdı. Telli və Gülnaz onun yatağının dibini kəsib, oturmuşdular. Cərrah Səfərin yarasının piltəsini yenicə dəyişmişdi. Səfər bir az rahat olub, mütəkkəyə söykənərək yatağında oturmuşdu. O zarafatla Gülnaza tərəf yönəldi: – A Gülnaz, – dedi, – hananı kəsdiniz? Gülnaz qızararaq: – Yox, Səfər qardaş, hələ kəsməmişik, iki-üç günə kəsəcəyik. Səfər gülümsədi: – Telli ilə yaxşı qazanc yolu tapmısınız. Telli məndən gizləyən kimi, sən də pulu atandan gizləyirsənmi? Gülnaz Tellinin üzünə baxıb gülümsədi: – Niyə ki? – dedi. Pərizadın içəri girməsi zarafatı kəsdi. Salam verdi, sonra Səfərin halını xəbər aldı: – Necəsən, ay Səfər qardaş? – dedi. Səfər onun cavabında: – Yaram axşam məni çox incitdi, – dedi, – indi dincəlib, sağ ol. Pərizad Tellinin qulağına nə isə pıçıldadı; görünür, borc istəyirdi. Telli məmnun bir çöhrə ilə: – Ay Pərizad xala, – dedi, – bir azdan sonra gün günorta yerinə gələcək, yetirməzsən, uşaqlar səni əldən salar. Yeri onları da yığ gətir, bir yerdə yeyək, bozbaş asmışam. Səfər də darıxır, danışarıq, onun da kefi açılar. Pərizad bir az tərəddüd göstərdisə də, axırda razı oldu. Əyilib, Tellinin qulağına pıçıldadı: – Onda bir parça çörək ver, uşaqları hələ kiridim, sonra gələrik. Telli durub, təhnədən bir təndir çörəyi çıxartdı, Pərizada verib, yola saldı. Günorta əzanı verilməyə başladıqda, Tellinin süfrəsi salınmışdı, çörəklə bərabər vəzəri və açıqca da qoyulmuşdu. Pərizad iki körpəsi ilə gəlib çıxdı. Oturub yeməyə başladılar. Bozbaşın suyuna çörək doğrayıb yemişdilər, ətinə keçmək istəyirdilər ki, qapıdan cırın-cındırın içində, saqqal-bığ basmış bir adam girdi. Hər kəs onu heyrətlə qarşılayıb sonra birdən: – Allahqulu! – deyə içini çəkdi. Pərizadın əri idi: neçə aydan bəri itib-batmışdı. Allahqulu uşaqlarını bağrına basıb ağladı. Sevinc yaşlarından sonra Allahqulunu həyətə aparıb, əl-üzünü yudurdub gətirdilər. Indi hamı süfrə başında oturub, şad bir halda yemək yeyirdi. Kazım kişi də arvadı ilə gəlib, çıxdı. O, Allahqulunu görcək: – Ay bildir gedən bildirçin, hanı sənin bir qılçın? – dedi və görüşdülər. – Aşna, bir dəri bir sümük olmusan ki, deməli, qır satıb, qazanc eləyəcəkdin, dağarcığı da bada verdin. Kazım qəhqəhə çəkib ürəkdən gülür, Allahqulu da çörəklə mətrətin dibini siyirib, ağzına apara-apara: – Məzhəb haqqı, doğru deyirsən, elə də oldu! – dedi. Telli ilə Gülnaz süfrəni yığışdırıb, piyalələrdə quluncan çayı verdilər. Hava isti idi. Açıq pəncərədən gələn hava dar otağa təsir etməyirdi: hamı tər tökürdü. Səfər davalardan baş açıb, hələ artırmasını qayırda bilməmişdi, həyətdə də əkdiyi ağaclar körpə idi, kölgəlikləri yox idi. Qonaqlar Səfərin xatirəsi üçün bu dar, çubuq otağa tıxanıb, qalmışdılar. Kazım pəncərə taxtasına dirsəklənib, özünəməxsus zarafatla: – Ay Allahqulu, – dedi, – gətirdiyin sovqat özünün olsun, de görək, bəs indiyəcən harada idin? Allahqulu başına gələnlərdən xəcalət çəkən kimi: – Əşi, gedib Tiflisə çıxdım, – dedi, – gedəndə pis olmadı. Bir iki də xalça və ayın-oyun aparmışdım, uruslara satdım. Gördüm işlərim yaxşı gedir, ətrafdan arpasaman alıb, gətirdim, yaxşı pul qazandım. Fikrim vardı Tiflisdə bir ev alım, gəlim arvad-uşağı da ora aparım. Ev də aldım. Əlimdəki pullara da bir az şey-mey alıb, bir karvana qoşuldum... Di nə eliyəsən ki, yolu mərdimazar ləzgilər kəsdilər... Allahqulu piyaləni dodaqlarına yapışdırıb, bir qurtum aldı, həyəcan keçirən bir adam kimi, bir az düşünüb, sözlərinə davam etdi: – Köpək uşaqları yaman şeylər imişlər: karvanı gülləyə basıb, qırdıqlarını qırıb, qırmadıqlarının da qollarını bağlayıb, qabaqlarına qatdılar. Karvanı da apardılar. Gəlib bir yerə çatdıq, alış-verişçilər həndəvərimizi aldı. Bizi bir tacir satın alıb apardı. Hamımızı bir daxmaya doldurub, qabağımıza da bir parça çörəklə su qoydular. O biri gün bizə atlılar qoşub, hara isə apardılar. Iki gün yol getdik. Bir də bir dəstə köçəri qabağımızı kəsdi, atışma düşdü. Gördük ara qarışıb, məzhəb itib, bir-birimizin qolunu açıb, “tu qara dabanımıza” deyib əkildik. Sonra bildim ki, bizi Rum torpağına aparırmışlar. Məxləs, bir neçə gün dağıdaşı ac-susuz dolanıb, bir düzə çıxdım. Gördüm köç gedir, dedim nə olur-olsun onların yanına gedəcəyəm. Getdim, demə bunlar da Qazaxdan Qarabağa köçürlər. Allah onlara kömək eləsin, onların kölgəsində gəlib çıxdım... Kazım dinləyərək başını bulayırdı: – Tanrı axırını xeyr eləsin, – dedi, – dünyanın növrağı dönüb. – Kazım duruxdu və istehza ilə: – Bəs urus böyükləri bu işlərə nə deyir? Axı topu-topxanası, zoru, var. Allahqulu məyus bir halda: – Əh, Allah kəssin onların işini! Bir az qoşun gətiriblər, o da Tiflisdən çölə çıxmaq istəmir. Bir tərəfdən ləzgilər, o biri tərəfdən də Süleyman paşanın adamları Açıqbaşı dağıdırlar. It yiyəsini tanımır. Mən ordan çıxanda, dedilər ki, Ömər xan on beş min qoşunla Alazan çayını keçib. Tiflis camaatı qorxusundan tir-tir əsirdi. Valinin işi həmişə Qazax- Şəmşəddin elindən aşırdı. Indi onlar da qoşuna adam vermir, çox bərkə düşəndə, köçüb buralara gəlirlər... Məxləs, usta Kazım, dünya yaman qarışıb, tanrıya pənah! Allahqulu piyalədəki quluncan çayını başına çəkib, yanıqlı bir halda piyaləni Telliyə uzatdı: – Qızım, birisini də ver, ağ günlü olasan! – dedi. Allahqulunun sanki hələ ürəyi boşalmamışdı, Tiflisdə eşitdiyi və gördüyü şeyləri söyləmək ehtiyacı ona rahatlıq verməyirdi. Telli gətirən isti piyaləni alıb, pəncərənin taxtasına qoydu və alnının tərini cırıq qolunun ucu ilə silib, davam etdi: – Hər yerdən betər Dağıstandır, – dedi. – Oradan bir erməni qaçıb gəlmişdi, deyirdi ki, Şeyx Mənsur adında birisi çıxıb cahad eləyib, böyük qoşunla urusun üstünə yeriyib. Özü çoban imiş, amma indi camaat başına and içir. Usta Kazım, məxləs, səndən ağıllı adam yox imiş, məzhəb haqqı doğru deyirəm... Neçə dəfə ölümdən qurtarmışam... Kazım müzəffər bir gülüşlə: – Bəs necə bildin bu qara lələşini, mən “azacıq aşım, ağrımaz başım” – deyəndə gülürdün. Bilirsən, at təpiyinə at dözər. Bu saat başını salamat saxlamaq istəyirsənsə, başını aşağı sal, kasıbkarlığına qurşan, bu tifilləri saxla. Vəssalam! Mən dünya görmüş adamam: yetim qızsan, büzül yat! Söhbət qızışdı. Səfər də başına gələnləri nağıl elədi. Sonra ailədən, məişətdən danışdılar. Allahqulu, külfətinə yaxşı baxdıqları üçün Kazımdan və Səfərdən razılıq elədi: – Məzhəb haqqı, – dedi, – külfətdən nigarançılığım yox idi, bilirdim ki, duzçörək yemişik, gor qonşusuyuq. Kazım məhcub bir halda: – O nə sözdür, – dedi, – heç Gülnazı Tellidən seçərəmmi? Pərizad razı baxışla Kazımı və arvadını süzür və minnətdar bir halda gözləri yaşarırdı. Birdən Kazım mərd bir səslə: – Allahqulu, – dedi, – indi yaxşı dur, üst-başını dəyiş, adam içinə çıxacaqsan. – Var ki, dəyişəsən. Mərdimazar ləzgilər... – Yoxdu, mənimkini gey. Tərpən, ayrılığımız ki yoxdur. Kazım arvadına yönələrək, qara çuxa və arxalığını, göy şalvarını Allahquluya verməsini tapşırdı. 12 Fətəli xanın Aranı talayıb, geri çəkilməsi həftələr çəkdi. Bu zaman İbrahim xan da Fətəli xanın geri qayıtdıqda Şişəyə hücum edəcəyi ehtimalına qarşı qoşunu ilə bərabər Əsgəranda oturub qalırdı. Vaqif də xanın hüzurunda olmaq məcburiyyətində idi, lakin bu məcburiyyət onu üzüb bitirirdi. Hər saat, hər dəqiqə ruhu bədənindən ayrılıb, şəhərə doğru uçurdu. Gözəl bir gün idi. Xəfif yel yamacları xalı kimi bəzəmiş çiçəklərə toxunur, saf havanı rayihə ilə doldururdu. Vaqif çadırdan çıxıb, yaşıl fərşlər üzəri ilə gedirdi. Onun daim gənc, parlaq və zərif təbəssümlə çevrələnmiş gözlərinə indi kədər pəlməsi çökmüşdü. Getdikcə günəş qüruba doğru enir, üfüqün narıncı boyaları qırmızıya çalır, uzaq meşələrin mavi pərdələri tündləşir, göydən yerə sirli bir hədiyyə enəcək kimi, hər şey kainatın əlvan boyalarına dolaraq susurdu. Vaqif ayaq saxlayıb, axşamın dəbdəbəsini seyr etməyə başladı. İki dağın arasına sərilmiş Qarqar çayı əsrarəngiz şırıltısı ilə ona sanki: “Dünyada yalnız bircə dəfə yaşanılır”, – deyə anlaşılmaz kədərlər təlqin etdi. Başını sağ tərəfə çevirdi: mavi kölgələrə bürünmüş minlərcə çiçəklər ona dərdli məxluq kimi göründü. Sanki ağ geyimli məsum qızlar diz çökərək ətrafdakı əzəmətə tapınırdı. Uzaqdan sanki həzin bir səs gəldi, kim isə ağlayırdı: sönük saz simləri nalə edirdi. Həsrət və ayrılıq hissi bütün dəhşətilə şairin qəlbini qapladı. Dəruni iztirabını susdurmaq üçün geri dönmək istədi, bir də nökərini arxada durmuş gördü. Heyrətlə diksinib: – Əyə, sən burda nə gəzirsən? – deyə sordu. – Ağa, gördüm çox uzaq gedirsən, ehtiyat elədim... dalınca gəldim. Vaqif gülümsədi, lakin bu gülümsəmə həsrət acısı ilə dolu idi: – Get, çadırdan mənim o xırda cecim heybəmi gətir! – dedi. Nökər bir dəqiqədə qoşub, heybəni gətirdi. Vaqif bir daşın üstünə oturub, onu gözləyirdi. Heybəni aldı: – Di sən get! – deyə nökəri yola saldı, heybədən qələmdan və kağız çıxarıb, yazmağa başladı. Bütün onu həyəcanlandıran hisslər qələmdən süzülərək kağızın üstünə səpildi: Al geyinib, çıxsan gülşən seyrinə, Yığılır başına güllər dolanır; Məhtabi-hüsnünə bəndə fərmandır, Qulluğunda aylar, illər dolanır. Görməmişəm sən tək bir mələkzada, Dərdini çəkərəm həddən ziyada: Kirpiklərin ucu düşəndə yada Bağrımın başında millər dolanır. Mən bir Fərhad, sən bir Şirin dəhansan, Dərdin zahir, amma özün nihansan, Gözəllik babında şahi-cahansan, Qulluğunda daim ellər dolanır. Ləblərin bağrımı pürxun eyləmiş, Axıtmış göz yaşım Ceyhun eyləmiş, Həsrətin Vaqifi məcnun eyləmiş, Onun üçün gəzər, çöllər dolanır. Artıq gecənin boz qanadları ətrafa gərilmişdi. Vaqif kağızdan ayrıldıqda, al geyimli Mədinə ona görünən kimi oldu, şairin gözlərindən iki odlu damcı qopub, kağızın üstünə yayıldı. Vaqif bu şerə bir məktub da əlavə edib möhürlədi. Heybəsi əlində çadıra doğru düşüncə içində gələn Vaqifi uzaqdan görən nökər yüyürə-yüyürə gəlib, heybəni ağasının əlindən aldı. Vaqif dayanıb dedi: – Atı min, bu kağızı bu saat apar Qalaya, Mədinə xanıma ver, tezcə dön! Nökər bir neçə dəfə də belə məktublar aparmışdı: – Baş üstə! – deyib getdi. Vaqif yataqda uzanmışdı, amma gözlərinə yuxu gəlmirdi. Çadırın qapısından gecikmiş ayı seyr edir, onun da əfsanəvi bir eşqi olduğunu xatırlayırdı. Ay da əsrlərdən bəri məftunu olduğu məşuqəsi günəşin arxasınca qoşur, onun həsrətində çırpınırdı. O da Vaqif kimi eşq yorğunu olaraq, təpələr arxasından sönük çöhrəsi ilə aləmə tamaşa edir, sevgi üzüntülərinin sirrinə vaqif ola bilmirdi. Saatlar deyil, illər dolanırdı, ömürdən-gündən gedir, çapar gəlib çıxmırdı. Vaqif durub yatağının içində oturdu. Qulağı səsdə idi. Durub çadırdan çıxdı. Həsrəti həsrətə qovuşduran yollar ay işığında ağarırdı. Uzaqdan, deyəsən, toz qopurdu. Bu toz şairin qəlbini sevinc ilə doldururdu. O özünü saxlaya bilməyib, yola doğru endi. Çapar səadət müjdəçisi kimi qoşurdu. Nəhayət, Mədinənin məktubu Vaqifə çatdı. Tez qayıdıb, titrək əlləri ilə şamı yandırıb oxudu: yalnız bircə bayatı yazılmışdı: Ahular mələr gələr, Dağları dələr gələr. Yar yarı istəsə, Gecəni yarar gələr! Vaqifin qolları yanına düşdü. Çox düşünmədən, qapıda gözləyən çapara: – Atını dəyiş, mənim də atımı yəhərlə, Qalaya gedəcəyəm, – deyib, geyinməyə başladı. 13 Fətəli xan Qubaya dönmüş, ellər də çoxdan xaraba qalmış qışlaqlarına enmişdilər. Məmməd bəy Kəhrizli mülkünə gəlib, bir neçə gün idi arvadları Hürü ilə Ayişənin yanında idi. Bir gün meşədə ovda ikən çapar gəlib onu tapdı: – Ağa, – dedi, – Ağdamdan adam gəlib, səni oraya çağırırlar. Məmməd bəy dəyişildi, ala gözləri düşüncəyə daldı: – Kim çağırır?, – dedi. – Nə olub ki? Çapar tutuldu, görünür, söyləmək istəmirdi. Məmməd bəy qəzəbləndi: – De görüm, nə olub, köpək oğlu! Çapar titrək səslə: – Ağa, – dedi, – ürəyini xarab eləmək istəmirəm... Məmməd bəy daha da hirsləndi: – Məni əl salmısan? – dedi, gözləri hədəqədən çıxmağa başladı. Çapar məsələni açmağa məcbur idi: – Ağa, – dedi, – Mehralı bəyin meyitini gətiriblər. Məmməd bəy atasının ölümünü eşidər-eşitməz donub qaldı. Mehralı bəy neçə il idi Fətəli xanın yanında idi. Məmməd bəy huşsuz bir halda: – Ədə, atam ölüb, yoxsa öldürüblər? – deyə sordu. – Ağa, Bakıdan qayıdırmış, yolda kor Ağası xanın oğlu Əhməd bəyə rast gəlib. Əhməd bəylə rəhmətlik Mehralı bəyin arasında dava olub, öldürülüblər. Məmməd bəy nökərlərini götürüb Ağdama çapdı. Mehralı bəyin tabutunu xanlıq imarətin bağına qoymuşdular. İbrahim xan da məiyyəti ilə burada idi. Xan Məmməd bəyi görcək hönkürtü ilə onu bağrına basdı: – Məmməd, belimiz sındı! Görürsən Ağası qancıq duz-çörəyimi itirib, necə namərdlik elədi!? Xan dəsmalı ilə göz yaşlarını silərək: – Ananın südü sənə haram olsun, atayın qanını yerdə qoysan! – deyib, meyit namazına durdu. Mehralı bəyi imarətin həyətində, atası Pənah xanın yanında basdırdılar. Dəfn mərasimindən sonra qurulmuş iri mağarda xeyrat verildi. Quba xanı Fətəlinin meyiti təşyi etmək üçün göndərdiyi adamlar da burada idi. İbrahim xan köhnə düşmənçiliyi unudub, qardaşının cənazəsinə hörmət göstərən bu adamlara böyük iltifat bəsləməyə başlamışdı. O günü Məmməd bəyin sərkərdəliyində qoşun hazırlanıb, Şirvan xanı Ağasıdan qisas almaq üçün Fətəli xanın köməyinə göndərildi. Vaqif bu təşəbbüsə qarşı bir söz belə deyə bilmədi, çünki İbrahim xan qəzəblənmişdi, ağılumulmaz bir halda idi. Vaqif ürəyini deşən dərdlərini mirzə Əliməmmədə açdı. Axşamçağı imarət bağını gəzərkən istehza ilə: – A seyid, cəddinə qurban olum, bugünkü işlərdən ağlın nə kəsdi? – deyə sordu. Mirzə Əliməmməd zoğalı çuxasının qolunu çiynindən arxaya atıb, ehtiyatla: – Axund, – dedi, – qardaş qanıdır... düşmən də olsa, qardaşdır. Vaqif gülümsədi: – Yaxşı, a mirzə, – “mirzə” sözünü Vaqif istehza ilə dedi: – Fətəli xanı yıxıb, rahat olmaq üçün Məmmədhəsən xanı Cara göndərdik, qoşun yığdı, Hacı Əbdilqədiri öldürüb, Şəkini aldı; Ağası xana kömək elədik, yenə Şirvana yiyələndi. Indi Şəkidən və Şirvandan gələn qoşun Fətəli xanı boğduğu bir zaman biz dönüb, Fətəlinin hiyləsinə allanırıq... – Vaqif mirzə Əliməmmədi bir az da diqqətlə süzüb, gülümsədi: – Fətəli xan bizim köməyimizlə Ağası xanı və Məmmədhəsən xanı basar, sonra da... dönər bizə tərəf. Vaqif sözlərini bitirib, istehza ilə qəhqəhə çəkdi. Mirzə Əliməmməd bir söz belə demədi. Bu əsnada xan onları çağırtdırdı. Mağarın baş tərəfində əyləşmişdi, sakit idi, görünür, yeməkdən sonra yatıb dincəlmişdi. Mağarın ortasına tirmə süzəni salınıb, üstünə 32 cüz qoyulmuşdu. Ətraf bəy, yüzbaşı və məliklər burada idi, təziyəyə gəlmişdilər. Vaqif ilə mirzə Əliməmməd içəri girdikdə molla: “Allahın min qərətil fatihə!” – deyib, oxuduğu cüzə daldı. Vaqif ilə Mirzə Əliməmməd yuxarı başda əyləşib, fatihə oxumağa başladılar... 14 1786-cı ilin baharı idi. Leysan yağışları iki gün idi ki, ara vermişdi. Sarayın Əsgərana baxan bürcü döşənib, qonaqlar oturmuşdu. Şəhərin bütün əyan və əşrəfı burada idi. Bu ziyafət yenicə Şişəyə gəlmiş Avar xanı Ömərin şərəfinə düzəlmişdi. Ömər xan Gürcüstanı talayıb, Vaxanq qalasından əsir götürdüyü Abaşidzenin iki qızının birini özünə, Yelena adlı o birisini də bir çox hədiyyələrlə bərabər İbrahim xana peşkəş gətirmişdi. İbrahim xan Yelenanın gözəlliyinə heyran qalaraq, onun adını “Cavahir” qoyub, hərəm tacının görkəmli bir yerinə nəsb eləmişdi. Cavahir xanımdan aldığı həzz xanın çöhrəsində həkk olunmuş daimi qəzəb izlərini silib götürmüş, onu xoşrəftar, mülayim bir süfrə sahibinə çevirmişdi: hər kəs məmnuniyyətlə ikram edirdi. Xanın bütün diqqəti yuxarı başda əyləşmiş qartal burunlu, şahbaz baxışlı, çevik hərəkətli və şumal boy-buxunlu Ömər xanda idi. Ömər xan böyük bir iştəha ilə plovu yeyir və Gürcüstan səfərini məxrəcdən gəlmə bir Dağıstanlıya məxsus tələffüzlə türkcə söyləyirdi: – Süleyman paşanın məktubunu oxuyub, çox pis oldum. Kişi haqlı idi. Urusların Qızlar tərəfində bizim müsəlmanları qırıb, yerinə urus gətirdikləri çoxdan mənim ürəyimi yandırırdı. Axırda ki Şeyx Mənsur xüruc elədi, bütün Çeçen və Qabarda ayağa qalxdı. Daha durmaq yeri deyil idi. Camaatı yığıb, getdim... – Ömər xan tikəsini ağzına qoyub fəxr ilə İbrahim xanın üzünə baxdı. Xanın gülər gözləri Ömər xanın gözlərinə dikilmişdi. Vaqifin də qulağı onda idi. Ömər xan tikəsini çeynəyib uddu: – Vallahüləzim, qardaş, sənin Gəncəyə qoşunla gəldiyini eşidib ağladım. “Himmətil rəçal, təqlal cihal” demişlər. Xülasə, Sığnağı, Gümüşxananı qılıncdan keçirdim. Qış düşdü, Axısqaya keçdim. Süleyman paşa bizə çox hörmət elədi. Yazı qayıtdım, Abaşidzenin Vaxanq qalasını da dağıtdıq... İndi İraklinin damağı aşağı idi: urusu çağırmağına peşman olmuşdu. Süleyman paşaya və mənə kağız yazıb, barışmaq istədi. Qızıl da göndərmişdi, urus böyüyü mənə bir qızıl tütün qutusu da peşkəş yolladı. Yazdıq ki, urus Tiflisdən çıxmasa, barışmayacağıq... Ömər xan sözünü bitirərək qabdan bir qazmaq götürüb, sağlam dişlərilə xırtıldatmağa başladı. Vaqif ciddi bir səslə soruşdu: – Urus nə deyir, çıxır, çıxmayır? Ömər xan cəld: – Ağam, arxayın ol, gedəcək, – dedi, – Şeyx Mənsur Terek yolunu kəssə, urus Tiflisdə öldü... Şeyx Mənsur imam sayılır, bütün Dağıstanı ölümə aparsa, gedər. İbrahim xan qürurla: – İrakli elə bilirdi, urusa daldalanıb, bizi özünə rəiyyət edəcək. Sevdası tutmadı. Iravan da əlindən çıxdı. Indi oralarda da işlər başqa cürdür. Xoylu Əhməd xana Osmanlı padşahı sərəskərlik verib, mən də Əhməd xana qoşun göndərdim, Təbrizi alıb, Hidayət xanı əsir elədi... Məclis sakit olub, məmnun bir halda yeməyə dalmış, ağız marçıltısından başqa bir şey eşidilmirdi. Vaqif plovu bitirib, dovğaya keçmişdi. Bir iki qaşıq alıb, gülərək: – Mənim qazaxlılarım da köçüb, gəlirlər, – dedi. – Əhməd ağa min beş yüz ailə ilə tərpənib, gəlmək istəyir. Ömər xan təsdiq etdi. Qazax, Şəmşəddin İraklinin sağ əlidir. Onlar getsə, heç İraklinin qoşunu olmaz. Qazaxlılar çox igid tayfadır, mən bunları bu dəfə gördüm. Oddurlar... Nahar bitə-bitdə lələsi şair Vidadinin gəlməsini Vaqifə xəbər verdi. Vaqif xandan izin alıb, tələsik evə gəldi. Dostu Vidadini pəncərənin içində oğlu Qasım ağa ilə söhbətdə gördükdə, onu ayağa qalxmağa qoymayıb, özü irəlilədi, öpüşüb-görüşdülər. Vaqif soruşdu: – Hələ de görüm, toxsan, acsan? Vidadi mütəvazi bir halda: – İltifatın artıq olsun, xörək verdilər, yedim, – dedi. Vaqif oğlu Qasım ağaya yönələrək: – Bizə qəhvə bişirt! – dedi. – Sonra Vidadi ilə qarşı-qarşıya oturub, çoxdan bəri həsrətində olduğu dostu ilə şirin söhbətə başladı. Vidadi ortaboylu, çalsaqqal, arıqvücudlu və nurani sifət bir kişi idi: çox dindar və dünyadan əl üzmüş bir adam idi. Yeddi-səkkiz yaş Vaqifdən böyük, təbiətcə şən və nəşəli Vaqifin əksi olmağına baxmayaraq, aralarında bir dostluq var idi. Daima bir-birilə yazışar və biri digərinə öz şerini göndərərdi. Vaqif dərin bir sevgi saçan gözləri ilə dostunu oxşayaraq: – Yaxşı, – dedi, – nə əcəb? Bilirsən ki, səni çoxdan gözləyirdim. Vidadi əllərini ovxalayaraq: – Köçdüm, mən də köçdüm, – dedi. – Qazaxda yaşamaq çətin olub, dedim, gedim bir Qarabağa bələd olum, sonra, mümkün olsa, arvaduşağı da yığışdırım. – Yaxşı eləmisən, mənim kimi əvvəl cavanşir, sonra da “qızılbaş” olarsan! Haha-ha!.. Vaqif şaqqıldayıb, istehza ilə güldü. Vidadi yumşaq gülümsəmə ilə dostunu süzüb: – Pənah, – dedi, – neçə vaxtdır, səni görmürəm: nə qocalmısan, nə nəşədən düşmüsən. Vaqif təkidlə. – Ay Molla Vəli, – dedi, – bu, İnsanın özündən asılıdır: İnsan gərək üzdən getsin, çox dərinə əl aparmasın. İnsana bir yaşayış bağışlanmışdır, doyunca yaşamaq lazımdır. “Öl!” – deyəndə də öləcəyik. Amma bu dar dünyanı gərək elə keçirəsən ki, öləndə arxaya baxıb, həsrət çəkməyəsən! Hikmət bundadır. Vidadi bu fikrə qane olmurdu: – Bu sən deyənlər İnsanın özündən asılı olmasa? – Necə yənı olmasa? İnsan faili-muxtardır. Hər şeyi özünə tabe etməlidir. Vidadi Vaqiflə heç razılaşmayaraq dedi: – Ölkədəki bu davaları, nahaq qanları, başkəsmə, gözçıxmaları görüb də, rahat olmaq olarmı? İnsanlara qarşı olan məhəbbət İnsanın ürəyini yandırır. Yazıq Müştaq Hüseyn xanı Hacı Əbdilqadir niyə boğdurdu? Bu səxavət, lütf və kərəm sahibinin günahı nə idi? Axırda Müştağın oğlu Məmmədhəsən xan da atasının qisasını aldı – Hacı Əbdilqadiri öldürdü. Haqqı idi, çatdı, ancaq yeddi oğlunun günahı nə idi? Bu zülmləri görən şad ola bilərmi? Vaqif ciddi bir səslə: – Şad olmasan nə çıxacaq ki? – dedi. – Atalar demişkən: Tökülən dolmaz! Ömür əzabla nəşədən yoğrulmuş tikanlı bir güldür: bunun tikanı olmasa, gülü də lətifliyindən məhrum olar. Ömrün nəşəsindən sevinən kimi, əzabını da toy-bayram sanmalısan! Vidadi gülümsündü, lakin gülümsünməsində əzab ifadəsi duyuldu; o öz şerinin çox sevdiyi məruf parçasını pərişan bir səslə oxudu: Yüz mövsimi-xoş xürrəm olub, illər açılsa, Yüz lalə bitib, süsənü-sünbüllər açılsa, Yüz baği-cahan tazələnib, güllər açılsa, Könlüm ki, açılmaz neçə müşküllər açılsa! Lələ qəhvə gətirib getdi. Vaqif fincanı qaldırıb qoxladı: – Molla Vəli, – dedi, – bax bu qəhvənin qoxusunda duyduğum bu bir ləhzəlik ləzzət dünyanın bütün əzabını unutdurur. Məncə, bütün dünya yerində qurulmuş və gözəl qurulmuşdur. Bu bizi hər dəqiqə dişləyib incidən milçək belə mənə mələk donunda görünür, o uçub gedəndə istəyirəm deyim: Gedən getmə, bir bəri bax, ay gedən! Gözüm doymaz səntək gözəl kimsədən: Gah yaxadan şölə verər ağ bədən, Gah odur ki, nazik əllər görünür... Vidadi bu dəfə bütün səmimiyyəti ilə güldü, təsbehini əlinə toplayaraq: – Yox əzizim, – dedi, – mən heç yanılmamışam, sən doğrudan da cavan imişsən: milçəyin də yaxasından şölə verən ağ bədən görürsən. Vaqif qəhvədən ayrılıb, qəhqəhə ilə güldü. 15 Vidadi hələ Şişədə Vaqifə qonaq idi. Vaqif saraydan döndükdən sonra bir yerdə pəncərənin içində oturub, şirin söhbətlə məşğul olurdular. Bir birinə yeni yazdıqları şeirləri oxuyur, şəhərin və qonşu ölkələrin yeniliklərini danışırdılar. Vaqif zarafatında davam edir, dostunu da gülməyə vadar edirdi. – Bizdə hər gün bir təzə xəbər var: ya toydur, ya vay, ortası yoxdur. Ömər xan gəldi, gətirdiyi gürcü gözəlini xana bağışlayıb, əvəzində xanın bacısını alıb apardı. İbrahim xan qardaşı Mehralı bəyin dul arvadına evlənmək istədi, tutmadı... Vidadi kədərli bir səslə Vaqifin sözlərini kəsdi: – Doğrudan, a Pənah, deyir Məmməd bəy anasını xana ərə getməmək üçün öldürüb, bu nə işdir? Vaqif təəssüflə: – Elədir, – dedi. – Yazıq arvad döşünü çəpkənin yaxasından çıxarıb, deyib: “Oğul, səni südüm tutar, xəncəri qoy yerinə!” Məmməd bəyin gözünü qan tutmuş imiş, xəncəri binəvanın ürəyinin başına soxub, gedib... Vidadi köks ötürərək: – Yaman zəmanədə yaşayırıq, – dedi, – ataya-anaya hörmət qalmamışdır: çörək-duz ayaq altda tapdalanır. Bu faciəli xəbər dostları fikrə daldırdı. Bir az sonra Vidadi üzündə ikrah cizgiləri: – Bəs İbrahim Xəlil xan bu işə nə deyir? – dedi. – İbrahim xan nə deyə bilər ki, onsuz da dərd-səri çoxdur. Məmməd bəy də od kimi bir şeydir, dəstəsini götürüb, o gedəndir ki, gedib, heç “gördüm” deyən də yoxdur. Çox elərsən, gedər Ağaməmməd xana qoşular, o daha pis olar, çünki ölkəyə yaxşı bələddir, tərəfdarı da çoxdur. Vidadi İran işləri ilə maraqlandı: – A Pənah, – dedi, – Irandan nə xəbər var? Elə vuruşmadır, deyilmi? Müsəlman qanı tökülür... Vidadi son cümləsini böyük bir iztirabla deyə bildi. Vaqif də eyni iztirabı duyaraq: – Tökülür, Molla Vəli, həm də boş-boşuna tökülür. Əlimurad xan istisğa illətindən öldü, yerinə Lütfəli xan çıxdı. İsfahan tərəfdə keşməkeşdir. Ağaməmməd xan da Tehranda, öz Qacar elinin yaxınlığındadır. Qardaşı Cəfərqulu xanı basıb, Astrabaddan qaçırtdı. İndi Quba xanı Fətəlinin yanındadır, urusun qanadının altına girmək istəyir. Deyirlər, Isfahana Ingilis çoxlu top-topxana göndərib... Xülasə, Molla Nəsrəddin demişkən, ölkə qarış-bulaşır. Vidadi heyrətlə dinləyib, dedi: – A Pənah, İnsan yanı axırda ölməyəcək? Bu beş gün dünyanın cahu-cəlalı üçün bu qədər baş ağrısı çəkməyə dəyərmi? Şah da, gəda da ölüb, torpağa qoyulacaq. Axırı ki, ölümdür, bu fani dünyanı zöhd və təqva ilə keçirmək daha yaxşı olmazdımı? Vaqif dostunun bu tərk-dünyalığına cavab olaraq gülümsədi, Vidadi məsələni anlayıb, cəld: – Bilirəm, – dedi, – zöhd və təqva işinə gəlmir. Bir az da qocalarsan, ölüm qorxusu canına çökər, onda məsələnə Vaqif olarsan. Hələ Vaqif deyilsən, fəna dünyaya bel bağlayan Pənah oğlansan. Vaqif güldü: – Ay molla Vəli, – dedi, – axı ölümü də tanrı yaradıb, eşqi də, nəşəni də, gözəli də. Tanrı axirətdə mənə deməzmi, “Ay yassar, sənə ürək verdim – sevmədin, dodaq verdim – öpmədin, göz verdim – o yaşılbaş sonalara doyunca tamaşa etmədin?” Onda mən tanrıya nə cavab verərəm? Vidadi güldü: – Vallah, Pənah, toy-bayramsan! – dedi. – Sənnən danışanda adamın ürəyi açılır. Vaqif birdən sözü dəyişdi: – Mən evdə olmayanda darıxmırsan ki? – deyə sordu. – Bəyazlarımı mütaliə etmədinmi? – Yox, darıxmıram, deyə Vidadi cavab verdi. – Bəyazlarını oxuyuram. Yaxşıca səliqəli adamsan: həm öz şeirlərini, həm də başqalarınınkını yığıb saxlayırsan. Yazıq Məmmədhüseyn xan Müştağın sənə yazdıqlarını gördüm, yaralarım təzələndi. Vaqif təəssüflə: – Elə ziqiymət adam idi, – dedi, – heyf oldu getdi. Nə səxi və ali tinət idi! Bir tüfəng ilə kürk istədim. Nə xoşrəftar bir əda ilə göndərmişdi! – Vaqif dayandı, bu dəfə üzündə dərin bir ələm ifadəsi vardı. – Molla Vəli, – dedi, – sən məni zahirən zarafat və şətarət içində görürsən, bunlar hamısı “əz bidəmağidir”: qərinəmizdə yaşayan bütün şairlərimiz kimi, mənim də dərdim tüğyan edən vaxtlarım olur. Vidadinin dərdi açıldı: – Pənah, – dedi, – indi mən deyənə gəlirsən. Bu labüddür, hələ yaşa dolduqca, daha da pərişan olacaqsan. Dünya dəyişilmiş: əhd, vəfa, sədaqət, doğruluq qalmamışdır. Ağa Məsih Şirvani gözəl buyurmuşdur: Olubdur qəlb xain, həq bilir bir pak tinət yox, Düşəndə satmayan dinarə dinin heç millət yox, Zükur əqsaminin təbində əsla doğru beyət yox, Ünas əhlində bir zərrə hicabi-şərmi ismət yox, Təriqət, adəmiyyət yolda, nə ərkanda qalmışdır. – Təriqət, adəmiyyət olsa, bu həngamələr olarmı? Nişat Şirvani gör nə yazır: ...Bir dəmdə evim tikdim və yıxdım yola düşdüm, Yüz görmədim əz bəs ki, Nişat, əhl vətəndən, Bu vəhclədir kim, baş alıb, hər elə düşdüm... – A Pənah, mənim də dərdim Nişatın dərdindən deyilmi? Yurdum, yuvam var idi, gündə biri at çapıb, gəlir, çalır, talayır. Ölən ölür, qaçan qaçır, əlsiz-ayaqsız da acından ölür: “Rəiyyətlər qılır dəstgah hər beş gündə bir şahi”. Vaqif yerindən qalxıb, otağı dolaşmağa başladı: – Molla Vəli, – dedi, – heç öz yerlimiz Əbdülrəhman ağa “Şair” təxəllüsü demirsən, İrakli xan kişinin gözlərini çıxartdırdı, işıqlı dünyaya həsrət qoydu. Yazısının hər sətri qan saçır. Molla Vəli də ayağa qalxdı: – Bəsdir, Pənah, müsibət dəftərin yum, qəlbim partlayır... – Duruxub, düşünərək: – Axşamçağıdır, hava sərinləyib, çıxaq başmaq seyrinə, – dedi. Vaqif razı oldu, atları minib getdilər. Qala qapısından çıxıb, Datələbə tərəf sürdülər. Ətrafda səf çəkən dağlar, meşəli yamaclar, dərələr, qucağında səslənən çay gözəl bir ahəng təşkil edərək, İnsanı oxşayırdı: sərin və yüngül hava iztirablı qəlblərə səpilərək onları sakit edirdi. İki qocaman şair atlarını yan-yana sürərək təbiət əzəmətinin, onun füsunkar təranəsinin qarşısında bir söz belə deməyə qıymırdılar. 16 İbrahim xan Ömər xanla ittifaq bağlayıb, Fətəli xanın hücumundan Qarabağı təmin etdikdən sonra Naxçıvan səfərinə çıxmışdı. Naxçıvanı alıb, Şişəyə dönər-dönməz adəti üzrə dövlət adamlarını yanına çağırdı. Məmmədhəsən ağa, Vaqif, Mirzə Əliməmməd, Ağası bəy və başqa ağalar, bəylər və sərkərdələr toplandı. Xanın yay günəşindən rəngi qaralmışdı, qoca da olsa yanaqları tünd qırmızı çalırdı. Qəlyanın neypuşunu əlindən buraxmayaraq, hamının halını xəbər aldı. Sakit və məmnun idi. Üzünü məclisə çevirərək: – Təzə nə var? – dedi. Kimsədən cavab çıxmadı. Xanın inadlı gözləri məclisi təkrar dolandı, Ağası bəyin üzündə dayandı. Kələntər cəld: – Xan sağ olsun, – dedi, – Qalanın övzai qoyub getdiyiniz kimidir, ancaq qoşundan bir nəfər tüfəngi ilə bərabər qaçmaq fikrinə düşmək istəmişdi, dəstgir oldu və Xəznə qayasından başıaşağı salındı. Xanın məmnun baxışı Kələntər Ağası bəydən keçib, Mirzə Əliməmmədin üzündə dayandı. Mirzə Əliməmməd diksindi, lülələyib qurşağına qoyduğu kağızı cəld çıxarıb, qeydlərinə baxaraq ərz elədi: – Qazaxlı Əhməd ağanın min beş yüz evlə bərabər Qarabağa köçməsi İrakli xana çox güvara gəlmiş, urus qoşunu ilə Gəncə civarinə hücumavər olub, bizdən məzkur qazax ellərinin geri göndərilməsi iddiasındadır. Bu vəqə xanlıqda olan bəzi erməni məliklərini, o cümlədən məlik Abonu, məlik Məcnunu və Qandzasar mahrasasını cümbuşə gətiribdir, tüğyan bidətinə qədəm qoymuşlar. Tiflisə adam göndərib, urusların Qarabağ torpağına hücum etmələri təmənnasında olmuşlar. Baqi, xanın sağlığına duagu varam. Xanın Naxçıvan zəfəri nəticəsi olaraq sakit çöhrəsi, ansızın qopan bir küləkdən dalğalanan meşə kimi səyrildi, qırışdı, bığlarını ağzına doldurub, hirsindən çeynəməyə başladı. – Axı mən Abonu niyə zindandan buraxdım ki! – deyə – nərildədi. – Deyirəm, qoyun bu şərir köpək uşağını bir dibli qırım, qurtarım, hərəniz bir söz deyirsiniz! Xanın çənəsi əsməyə başladı. Məclisə dərin bir sükut çökdü. Heç kəs cürət edib, başını yerdən qaldırmayırdı. Birdən xan neypuşu əlindən yerə atdı: – Ağası bəy, – dedi, – dur! Ağası bəy cəld ayağa qalxdı. Əllərini döşünə qoyub, bığlarını çeynəyən xanın buyruğuna müntəzir idi. Xan titrək səslə: – Beş yüz atlı götürüb, bu saat sığnaqlara sürərsən, daşı-daş üstə qoymazsan, – dedi. – O qancıq Abonu, Məcnunu və mahrasanı da cəlləkləyib gətirərsən! Ağası xan: – Baş üstə! – deyib cəld çıxdı. Xan bir az sakit olub, bığlarını düzəltdi və neypuşu götürərək: – Siz də mürəxxəssiniz! – deyə müşavirəyə xitam verdi. Hava xoş olduğu üçün Vaqiflə mirzə Əliməmməd saraydan çıxıb, piyada getmək istədilər. Cilovdarlar atları arxadan yedəklə sürür, bu iki asudə nəfəs almağa çox ehtiyac duyan rəcal da söhbət edə-edə divanxana qabağından keçib, Saatlı məhəlləsinə tərəf gedirdilər. Mamayı məscidinə çata-çatda Ohan keşişə rast gəldilər. Salamlaşdıqdan sonra Vaqif zarafata başladı: – Ay mirzə Ohan, deyərlər: “Keçinin buynuzu gicişəndə başını çobanın dəyənəyinə sürtər”... Məliklər, deyəsən, dinc dura bilmirlər. Ohan məsələni bilirdi: – Axund, – dedi. – “Ta pərişan nə şəvəd, kar və saman nə rəsəd!” Qoy əcirlərini çəksinlər! Ohan sözünü bitirib düşüncəyə daldı, üzü dərdləndi, sonra Vaqifi süzüb dedi: – Barı yazıq camaata bir şey olmayaydı. Vaqif cavab olaraq eyni kədərli bir baxışla Ohanın gözlərinə baxdı, bir söz demədi. Sanki ikisi də: “Qurunun oduna yaş da yanar”, – deyə təəssüf edirdi. İki həftə sonra Ağası bəy sığnaq səfərindən döndü. Qandzasar mahrasasının evi axtarılıb, knyaz Potyomkinin məktubları tapılmışdı. Xəyanətinin üstü açıldığını görən mahrasasının qorxudan ürəyi çatlayıb ölmüşdü. Abo ilə Məcnun isə Ağası bəyin gəlməsini eşidər-eşitməz rus qoşununa bel bağlayaraq, Gəncə tərəfə qaçmışdılar. 17 Ağabəyim ağa artıq böyüyüb 14-15 yaşına dolmuşdu. Ağ, bakir bir zanbaq kimi uzanıb, rayihə saçırdı. Onun gözəllik sədası bütün Azərbaycan xanlıqlarına yayılıb, aşıqların dilində və şairlərin şerində əzbər olmuşdu. Bəyimin nə qədər həsrətini çəkənlər vardı: Xanzadələr və bəylər, at səyirdən, qılınc vuran dilavərlər onun yolunda ölməyi bir şan və şövkət sanırdılar. Lakin İbrahim Xəlil xan bu Qarabağ incisinin qiymətini bilir, heç bir adlı-sanlı elçiyə meyl göstərmir, qız da saray bağında, gül-çiçək arasında, bir qönçə kimi, fərəhlə açırdı. Yenə dayəsi Nazlı ona nağıllar, əfsanələr və dastanlar söyləyirdi. Ağabəyimə bütün kainat qır at minmiş Koroğlu kimi igid, Məcnun kimi çılğın və Fərhad kimi inadlı sevgi yolçusu sifətində görünürdü. Ona elə gəlirdi, bir gün bu qalın saray hasarlarından bir igid atını sıçradıb keçəcək, onu qüvvətli bağrına basıb aparacaq. Və həmişə də bu igid onun xəyalını dolaşarkən Ağabəyim ağanın rəngi qaçır, incə vücudu titrəməyə başlayırdı. Ağabəyim ağanın əfsanə və nağıllarla bərabər şerə də böyük həvəsi vardı – o bütün türk şairlərini oxumuş, xoşuna gələn gözəl parçaları bəyazına köçürüb əzbərləmişdi. Bu şairlərin içində ən sevdiyi Füzuli ilə Vaqif idi. O Vaqifi görmüşdü, lakin onun məclisində olmaq, onunla danışmaq hələ qıza müyəssər olmamışdı. Ağabəyim ağa hər dəfə anasına dedikdə, anası: – Ay qız, sən bir tikə uşaqsan, yekə kişi ilə nə danışacaqsan ki? – deyə qızının cürətinə heyrət edərdi. Nəhayət, bir gün Tutubəyim ağa Vaqifi otağına çağırtdırdı. Vaqif gəldi. Tutubəyim yaşmanaraq: – Axund, – dedi, – sənin heç xəbərin yoxdur – burada bir şagirdin var. Neçə vaxtdır məni əldən salır ki, bir Molla Pənah axundu bizə qonaq çağır. Vaqif gülümsünərək nərmin əllərini incə belində çarpazlamış Ağabəyimə baxdı: səf çəkmiş uzun kirpiklər yerə baxan gözlərini gizləmişdi, utandığından yanaqları yanırdı; qumral telləri səliqə ilə burulub, ağ buxağının altında cıqqalanmışdı. Al çəpkəninin yaxasından görünən sinəsi çağlayan köpük kimi qabarmışdı. Vaqif fərəhlə: – Ay afərin! Ay afərin, qızım! – deyə Ağabəyimə əl uzatdı. Ağabəyim diksinmiş bir quşcuğaz kimi başını cəld qaldırıb, Vaqifin üzünə baxdı və barmaqlarının ucları soyumuş əli ilə şairin əlindən yapışdı. Vaqif ilk dəfə olaraq bu gənc qızın ala gözlərinin və sol yanağındakı incə xalın cazibəsini duyaraq özünü itirdi. Vaqif çox gözəllər görmüşdü, çox sonalar tərənnüm etmişdi, lakin belə bir sənəmə rast gəlməmişdi. Ağabəyimin dodaqları yaqutun rəngini soldurar, dişləri dürdanələri məhcub edərdi. Tutubəyim ağa Vaqifə pəncərənin içində yer göstərdi, qarşı-qarşıya oturdular. Ağabəyim ağa ayaq üstə durmuşdu. Vaqif: – Niyə əyləşmirsən, qızım? – dedi. Tutubəyim ağa: – Di get bəyazını gətir, axund baxsın, – deyə çönüb gedən qızına fərəhlə baxdı. Vaqif də Ağabəyimin, aşağısına inci və mərcan düzülmüş, ipək şalvarını, məxmər başmaqlarını, xoş yürüşünü zövq duyaraq seyr etdi. Tutubəyim: – Axund, – dedi, – gecələr oturub, şeir yazır... Çox həvəsi var. Vaqif Tutubəyimin sözlərinə cavab olaraq: – Bəyim, şeir yazan vaxtıdır... Bir cahıl, bir də mənim kimi ahıl yaxşı yazar, – deyə qəhqəhə çəkdi. – O niyə, axund? – deyə Tutubəyim də güldü. – Qayda elədir – günəşin çıxışı ilə batışı gözəl olur, günorta yerində olanda, ona heç baxan da olmur. Tutubəyimin ala gözləri xoş bir əda ilə süzüldü: – Axund, bu mənə toxunur! – dedi və gileyli-gileyli Vaqifi süzməyə başladı. Vaqif baltanı daşa vurduğunu anlayıb, cəld təshihinə qoşdu: – Bəyim, bunun sənə dəxli yoxdur: sən elə bir ulduzsan ki, sayrışın həmişə aşiq yuxusuna haram qatır. Bu əsnada Ağabəyim ağa yaşıl meşinə tutulmuş, gözəl şirazəli bəyazı ilə içəri girdi. Vaqif: – Əyləş görüm, qızım! – deyə Ağabəyimə yanında yer göstərdi. Ağabəyim bəyazı Vaqifə verib, anasının yanında dizi üstə oturdu. Şair gözlüyünü taxıb, bəyazı vərəqlədi: bütün Azərbaycanın müasir şairləri: Vaqif, Vidadi, Müştaq, Nəbi, Raci, Rafe, Müştəri, Ağa Məsih, Nişat, Arif, Aciz, Aşıq Əli, Əbdülrəhman ağa Şair və başqalarının gözəl parçaları buraya köçürülmüşdü. Vaqif Təbrizli Qövsinin bir parçasını göstərib: – Bəyim, – dedi, – bunu oxu görüm. Ağabəyim qızararaq gənclik ahəngilə təranə saçan bir səslə oxudu: Hərçənd gül lətif olar – rüxsarin özgədir, Nərgiz nə olsa – çeşm füsunkarın özgədir! Bir qönçəyə yaman demərəm-nüktə tutmaram, Söz bundadır ki, ləl-gövhərbarin özgədir... Tutubəyim ağa Vaqifin atəşlənən gözlərinə yandan tamaşa edib, gülümsəyirdi. Ağabəyim şeri bitirər-bitirməz şair coşdu. – Ay afərin! Mərhaba! – deyə onu böyük bir fərəhlə təkrar-təkrar süzdü. Tutubəyim ağa qızını sağ əlilə sararaq: – Axund, özü də yazır, – dedi, sonra qızına yönəldi: – Qızım, bir özüyünkülərdən də oxu, axund qulaq assın. Ağabəyim utanaraq, qıpqırmızı kəsildi, anası və Vaqif nə qədər israr etdilərsə də, oxumaq istəmədi. Ağabəyim ağanın Vaqif ilə görüşməsi ona bir qürur vermişdi. İndi o özünü tamamilə böyük bir qız, şair məclisində oturub-duran bir adam hesab edirdi. O, gecələr şamın işığında oturub, yazdığı şeirləri toplayır, bir gün onları Vaqifə göndərəcəyini düşünürdü. Lakin ansızın bir təsadüf onun düşüncə kasasını əndərdi, sakit və fərəhli həyatına zəhər qarışdırdı. Bir sabah ertə bağda Nazlı ilə gəzərkən saray bürcündə genişsinəli, alagözlü, qumralsaçlı, qəşəng bir oğlan gördü. Əynindəki zirehi və başındakı dəbilqəsi günəşdən parıl-parıl parıldayırdı. – “Bu odur, Koroğludur!” – deyə düşündü və ilk dəfə olaraq qönçə bağrına xar girdiyinin dadlı acısını duydu. Ağabəyim Nazlının qolundan dartaraq: – Dayə! Dayə! – dedi. – O kimdir? O igid hardan gəldi? Nazlı bürcə baxıb heyrətlə: – Bəyim, tanımırsanmı? – dedi. – Əmin oğlu Məmməd bəydir. Ağabəyim çəkilib, ağacların arxasında daldalandı: – Dayə – dedi, – mən görəndə xırda idi. Indi lap dəyişilib. – Bəs nə! Anasını öldürəndən bəri xanın gözünə görünə bilmirdi. Bakıya gedib atasının qanlıları Ağası xanı, oğlu Əhməd bəyi öldürdükdən sonra xan təqsirindən keçdi. İndi üzə çıxır. Ağabəyim ağa əyilib yarpaqların arasından bir də Məmməd bəyə baxdı, onun ala, sərt gözləri bir xəncərə dönüb, qızın gənc qəlbini yaraladı. İndi Ağabəyim ağa ağacların daldasından çıxıb, gözlərini bürcdən ayırmırdı. Qəlbindəki çocuqluq fərəhi artıq sönmüş, yerinə anlaşılmaz həsrət qayğısı dolmuşdu. 18 Mirzə Əliməmmədlə Səfər Qubaya çatar-çatmaz atlarını düz Fətəli xanın imarətinə sürdülər. Həyət cürbəcür qiyafəli nökərlərlə dolu idi: türklərlə bərabər, ləzgilər, avarlar və başqa Dağıstan xalqlarına mənsub adamlar da çox idi. Qarabağdan qaçıb, gəlmiş adamların xanı görmək istəmələri haman eşikağasına bildirildi. Mirzə Əliməmməd pəncərəsi böyük bağa açılan bir otağa çağırıldı. Pəncərənin içində lopabığlı, uzun xəncərli, yan qoyulmuş yekəpapaqlı bir kişi oturub, çubuq çəkirdi. Mirzə Əliməmməd baş əyib, salam verdi. Eşikağası aldığı vəziyyəti dəyişməyərək salama cavab verib, yer göstərdi: – Eşitdim, – dedi, – İbrahim xanın əlindən qaçmısan? – Bəli, ağa çakərinizi gözlərimdən məhrum etmək istəyirdi, tanrının mərhəmətinə şükür, qaçıb, rəhmdil Fətəli xanın mülkünə iltica etdim. Eşikağası məmnun bir halda gülümsədi: – Xoş gəlmisən! Çox xoş gəlmisən! – deyib düşündü və bir azdan sonra əlavə etdi: – Heç variyyətindən-zaddan gətirə bildinmi? Yoxsa... Əliməmməd ağa cəld əlini cibinə atıb, bir kisə çıxardı: – Elə bu yüz əşrəfini gətirə bildim, – dedi, – sən də mənim pərəstkarım, sənə peşkəşdir. Yuxarıda Allah, yerdə sən – halal xoşun olsun! Eşikağası kisəni cəld qapıb, cibinə soxdu, nəşələnərək: – Xoş gəlmisən! Gözümüz üstə yerin var! – deyə gülümsədi. – Nə qədər burdasan dövlətindən bir parça çörəyimiz var, yeyərik. Mirzə Əliməmməd təzim edərək: – İltifatın artıq olsun! – dedi. – Bu saat səni xanın da hüzuruna aparram. Hələ hərəm dairəsindədir. Şəkidən bacısı Hürü Peykər xanım gəlib, onnan danışır. Yəqin Məmmədhəsən xanı tanıyırsan – bir zaman Qarabağa zaval göndərilmişdi. Fətəli xanın bacısı axı onda ərdədir. Mirzə Əliməmməd: – Tanıram, o da duz-çörək itirəndir, – dedi, – canqutaylılarla bir yerdə Ağsuya Fətəli xanın üstünə yerimişdi. Eşikağası cəld onun sözünü kəsdi: – Başından böyük qələt eləmişdi, cəzasını çəkdi. Yox, indi işlər başqa cürdür. Indi Hürü Peykər xanımı xanın yanına minnətçi salıb. – Eşikağası susdu, sifətinə bir qürur gəldi: – Fətəli xanın büsatı, maşallah, özgədir: bu il Ərdəbili aldı, bütün Şahsevən xanları ona tabe oldu. Hökmü, maşallah, Dərbənddən Təbrizə qədər yeriyir. Ömər xan kimi bir dilavər ona qılıq eləyir, amma axmaq Məmmədhəsən dirsək göstərir. Xanın qulluğuna çatmaq uzandı, söhbət də qurtaran kimi oldu. Eşikağası tələsməyərək təkrar çubuğunu doldurdu, pişxidmət od qoydu, sonra: – Şikayətçilər var, – deyə ərz etdi. Eşikağası yenə vəziyyətini dəyişməyərək: – Nə təhər şeydilər? – dedi. – Ağa, irili-xırdalıdır! Eşikağası gülümsədi: – Onu demirəm... Xülasə çağır gəlsin. İçəri uzun saqqal, iri burunlu bir kişi girdi, torpağa düşdü, təzim edib, dərdini anlatdı: yüzbaşı ondan ilin bu vaxtında bağbaşı istəyirmiş. – Ağa, bağbaşı payızda yığılar, indi qışın axır ayıdır. Belə iş olarmı? Eşikağası sakit: – Olar, – dedi, – get, yaşı yoxsa, qurusundan ver. İldə neçə xalvar almaarmudun olur, heç üzünü görmərik. Kişi nə isə demək istədi, lakin pişxidmət onun qolundan dartıb apardı. İçəri bir arvad girdi, ərinin onun talağını verməməsindən şikayət elədi. Eşikağası: – Get, – dedi, – qazıdan yarlıq al gətir. Hələ bunu bilmirsən? Bu əsnada pişxidmət gəldi və tələsik dedi: – Ağa, xan səni qulluğuna çağırır. Eşikağası əllərini yerə dəstək verib, qalxdı, arxalığını, çuxasını düzəltdi, yana sürüşmüş xəncərini şişman qarnının üstünə çəkib çıxdı. Onun geri qayıtması bir neçə dəqiqə çəkdi, gəlib Mirzə Əliməmmədi apardı. Gözəl döşəli, nəqşkar kallayıya girdilər. Yuxarı başda cüssəli, topasaqqal, qorxunc sifətli, təqribən əlli yaşında bir adam oturmuşdu. Bu, Fətəli xan idi. Mirzə Əliməmməd ağanın salamını alıb, ona yer göstərdi, halını xəbər aldı. – İbrahim Şişə qalasına bel bağlayıb, qudurğanlıq eləyir, – dedi. – Hamı mənim məsləhətimlə durub-oturduğu halda, o mənə boyun əymək istəmir. Urus qoşunu Tiflisdən çıxıb, getdikdən sonra, ayağı bir az da yer aldı. Da demir ki, urus getdi, amma yenə gələr, indi başı Osmanlı davasına qarışıqdır. Biz urusun ətəyindən əlimizi üzə bilmərik. Fətəli xan bir çox hədə-qədəqədən sonra: – Qaçmağının səbəbi nə oldu? – dedi. – Xan, Qarabağa ikinci dəfə qoşunkeşiniz olan zaman İbrahim xana dedim ki, Fətəli xana pislik eləmə, tədbirli, kar azumuxtar bir hökmdardır. Bunu dediyimə peşman oldum, məni zindana saldırdı, gözlərimdən məhrum etmək istədi. Tanrının məsləhətinə şükür, qaçıb, yaxamı onun zülmündən qurtardım. O gündən etibarən mirzə Əliməmməd Fətəli xanın etimadını qazanıb, məiyyətinə daxil oldu. Quba xanı fikrini heç kəsdən gizləməyib, açıqdan-açığa hərəkət etdiyini Mirzə Əliməmmədə söylədi. Fətəli xanın məqsədi Rusiyaya isnad edərək bütün Azərbaycan və İran işlərinə müdaxilə etmək idi. Məsələ İrakli xana yazılmış, o da müşavirəyə çağırılmışdı. İbrahim xanı sıxışdırmaq yaxın tədbirlərdən biri idi. Mirzə Əliməmməd işə vaqif olub, təfsilatı ilə məlumat topladıqdan sonra İbrahim xana uzun bir məktub yazıb, evzai bildirdi. Məktubu Səfər Qubadan çıxarıb, yaxın kəndlərdən birində gizli saxlanılan Qarabağ çaparına verib dönməli idi ki, Səfərin yox olması gözə çarpmasın. Mirzə Əliməmməd eşikağasının evində qalır və şübhə doğurmamaq üçün ondan bir dəqiqə belə ayrılmırdı. İş olmayan vaxtı Şahdağına dağ kələsi ovuna gedir, şəhəri və ətrafını dolaşırdılar. Havalar xoş keçirdi, yazın yaxınlaşması artıq duyulurdu. Bəzi yerdə ağaclar çiçəkləmiş, bənövşə açmışdı. Bir gün eşikağası mirzə Əliməmmədə dedi: – Məmmədhəsən xan Şəkidən xana qonaq gəlib. – Burada eşikağası qürurla göz vurub, gülümsədi, – mənim işim olacaq. Oğlumu sənə bələdçi verirəm, gedin gəzin. Mirzə Əliməmməd 20-25 yaşındakı bu oğlanla çaya baxan təpədəki xan bağına tərəf getdilər. Küçələr silahlı adamla dolu idi, əksər silah rus silahı idi. Bir yerdə bir qaçışma düşdü. İki qubalının sözü tərs gəlib söyüşdülər, bu əsnada yolun ortasına bir xalça salındı, söyüşənlərin hərəsi xalçanın bir başında dizi üstə çöküb xəncəri sıyırdı. Camaat sakit durub, tamaşa edirdi. Yalnız bir ağsaqqal qaydaya baxırdı – bu həkəm imiş. Birinci zərbəni sağ tərəfdəki endirdi və müarizinin yarı qopub, çiyninə tərəf əyilmiş başını gördükdə istehza ilə: – Hə, elə canın bu imiş? – deyə güldü. Yaralanan sol əli ilə başını qaldırıb, yerinə oturtdu və xəncəri müarizinin qarnına soxdu, piy pırtladı. İkinci zərbə boynu kəsiyin işini bitirdi. Tökülüb qana bulaşmış meyitləri apardılar. Camaat da, heç bir şey olmamış kimi dağılıb getdi. Mirzə Əliməmməd həyatında ilk dəfə təsadüf etdiyi bu hadisəyə heyrət etdi. Oğlana müraciət edərək: – Bəs niyə camaat bunları aralamadı. Barışsaydılar, yaxşı olmazdımı? – dedi. – Bu bizdə bir adətdir, barışmazlar. Hər gün olan işdir. Xan bağında ot göyərməyə başlamışdı. Bənövşə yığa-yığa təpənin qırağına gəldilər: çınqıllığı ilə geniş bir sahə tutan çayın suyu hələ az idi; qıvrılaraq yatağın ortasından axırdı. O tayda yəhudi məhəlləsinin hisli-paslı daxmaları görünürdü. Bir həftə sonra Mirzə Əliməmməd Fətəli xanla bərabər Şəkiyə, Məmmədhəsən xana qonaq getdilər: Şəki xanı Fətəli xanın qüvvətini duyub, ona tabe olmuşdu. Hüseyn xan Müştağın binası olan gözəl imarətdə bir neçə gün qonaqlıq oldu: Fətəli xanı razı buraxmaq üçün əldən gələni əsirgəmədi. Mirzə Əliməmmədi olduqca maraqlandıran əyləncələr düzəlmişdi: Şəkinin məşhur on iki pəhləvanının güləşməsi, Şirvan rəqqasələrinin oyunu, sazəndələrin gözəl çalğısı ayrı bir tamaşa idi. Nəhayət, “Qızlar bulağı” deyilən ətraf dağlara ova getdilər. Bütün bu ziyafət və əyləncələrdən sonra Fətəli xan qoşunu ilə Kürə tərəf tərpəndi. Kürün kənarında çadırlar quruldu, Gəncə hökmdarı Cavad xan da məiyyəti ilə orada idi, Fətəli xanı istiqbala çıxmışdı və özü ilə bir çox hədiyyə gətirmişdi. Şeypur çalındı, qoşun düzüldü. Cavad xan hədiyyələr və üstünə ipək örtük salınmış bir təbsi ilə Fətəli xanın hüzuruna gəldi. Bütün məiyyəti ilə diz çöküb, təbsini Fətəli xana təqdim etdi. Xan qürurla örtüyü qaldırdı – Gəncə qalasının gümüş açarlarına tamaşa edib, eşikağasına işarə etdi, təbsini aldı, sonra Cavad xana yanında yer göstərdi. – Kefin kök, damağın çağdırmı? – deyə Gəncə xanının halını xəbər aldı. – Ali həzrətin sayəsində. – Tanrının sayəsində, – dedi, düşündü, gözünü qıyaraq: – urus çəkildi, işlər müşkülləşdi, indi ölkənin nizamına nəzarət qılmaq bizə düşür. İrakli xana kağız yazmışam, yəqin yoldadır. Məsləhətləşməliyik. Cavad xan əlini döşündən çəkməyərək baş əyir, Fətəli xanın dediklərini təsvib edirdi. Quba və Dərbənd xanının vahiməsi onu elə sarsıtmışdı ki, onun dedikləri qulağına çatmadığı halda yenə baş əyib, “Bəli! Bəli!” – deməsində davam edirdi. Cavad xan qoyunlar kəsdirib, Fətəli xana, məiyyətinə və qoşununa böyük bir qonaqlıq düzəldib, yola çıxdılar. Şəmkir çayının qırağında İrakli xan çadır qurdurub Fətəli xanı gözləyirdi, uzaqdan Quba xanı görükər-görükməz gürcü topları atəş açdı, sonra zurnaçı dəstələri çala-çala qabağa çıxıb, Fətəli xanı İraklinin çadırına gətirdilər. İrakli xanın özü çadırından əlli addımlıq bir məsafədə Fətəli xanı qarşılayıb görüşdü. Mirzə Əliməmməd İraklini ilk dəfə görürdü – bu çal saqqal, beli bir az əydəmli, göyçəksifət hökmdar ona məyus kimi göründü, danışarkən altdan yuxarı baxan gözlərində zamanın keşməkeşləri əks edirdi. Ölkəsindəki qarışıqlıq, urusların çəkilməsi, ailəsindəki niza, hələ diri ikən təxti ətrafında qopan çəkişmələr İraklini vaxtından əvvəl qocaltmışdı. İrakli xan Fətəli xanla çadırda qalıb, qapıya qaravul qoyuldu. Bu iki hökmdarın baş-başa verib, danışıq aparmaları iki saat çəkdi. Lakin sirr örtülü qalmadı, o günü axşam Mirzə Əliməmmədlə bir çadırda yatan eşikağası hamısını Qarabağ rəcalına bildirdi. Əsas məsələ İbrahim xanın inadlığı imiş: böyük qüvvətlə Şişəyə hücum etmək müzakirə edilmiş və Qazax-Şəmsəddinin də iştirakını təmin etmək üçün bu iki mahal Cavad xana qaytarılırdı. Mirzə Əliməmməd o biri gün bu əhvalatın hamısını yazıb, Səfər vasitəsilə İbrahim xana göndərdi. Lakin üçüncü gün baş verən bir hadisə müşavirəni yarımçıq qoydu – Fətəli xan ansızın xəstələnib, Qubaya yola düşdü. Xanın xəstələnməsi qoşuna yayılıb, bir ruh düşkünlüyü vücuda gətirdi. Ara qarışdı, eşikağası başını itirib, artıq qonağı ilə maraqlanmamağa başlamışdı. Bu çaxnaşıqdan istifadə edən Mirzə Əliməmməd axşam yoldan çönüb, Səfərlə Qarabağa qayıtdı. 19 Mirzə Əliməmməd ağanın Qarabağa çatmasından bir az sonra Fətəli xanın ölüm xəbəri Şişəyə yetişib, sarayda böyük sevinc doğurdu. İbrahim xan qonaqlıq edib şəhərin bütün adlı-sanlı adamlarını çağırmışdı. Qonaqlıq günortadan başlamış gecə yarısına qədər davam etdi. İbrahim xanın sevinci bəlli idi – ən böyük düşmənindən xilas olmuşdu. Bu əsnada Ağabəyim ağa da sevinirdi, lakin onu sevindirən başqa məsələ idi: o günü Məmməd bəyi görmək ehtimalı onu sabahdan ümidlə yaşadırdı. Bəyim ən gözəl paltarlarını geyinmiş, tellərinin uclarına bənövşələr düzmüş, bütün günü güzgü qarşısında cilvələnərək Məmməd bəyin həsrətini çəkmişdi. Lakin Məmməd bəy gəlib çıxmamışdı. Günəş yavaş-yavaş batır, yer üzünə qara cuna çəkilirdi. Aşiq qəlbinə şübhə və kədər duyğuları dammağa başlayırdı. Ağabəyim ağa ağaca söykənib, gözlərini Əsgərana baxan bürcə dikmişdi. Bürc yavaş-yavaş qara kölgələrə dalır, əzəmət və qürurla sanki bir yoxluğa doğru süzülürdü. Nazlı bəyimə heyrətlə baxıb, onun halından baş açmırdı: – Bəyim, – dedi, – şər vaxtıdır, bikef durma, pis olar. Bəyim eşitmirmiş kimi susur, intizar vadilərində dolaşırdı. Nazlı ona yanaşdı, incə belini qucub, onu oxşadı: – Axı nə olub, niyə bikefsən? – deyə soruşdu. Bəyim fikirdən ayılıb, gülər üzlə dayəsinə baxdı, lakin dərin bir dərdi olduğu Nazlıya da aydın oldu. Onun qoluna girib, yavaş-yavaş artırmaya gətirdi. Sürahıya söykənib, sayrışan ulduzlara tamaşa etməyə başladılar. Ağabəyim ağa yenə susqun və düşüncəli idi. Birdən sarayın o biri başındakı həyətə iki atlı girdi. Öndəkinin dəbilqə və zirehi məşəllərin işığında parlayıb söndü: atdan cəld enib, artırmaya çıxdı. Ağabəyim dikəlib, nəşə içində baxdı. “Bir qara torpaq olub, ayaqlarının altına səpileydim!” – deyə həsrətlə düşündü. Lakin Məmməd bəyin qonaq otağına girib, gözdən itməsi onu yenə qəmlərə batırdı. İndi, kim bilir, Məmməd bəy ziyafətdən nə vaxt çıxacaqdı. Onu təkrar görmək imkanı olacaqdımı?.. Heç olmasa, uçar bir ulduz kimi yenə parlayıb keçəydi... Ah quşlar, nə bəxtiyarsınız! Qanadınız var, istədiyiniz budağa qona bilirsiniz, asudəsiniz.. Ürəkdən ürəyə yol olaydı, qəlbimin dərd dəftərini açaydım, oxuyaydım, mən yanan oda o da yanaydı... Göz yaşlarım bir inci olaydı, telimdən sap qayırıb, düzəydim, al yarım, yaxşı saxla deyəydim... Sarayın o biri başından gələn səslər Ağabəyim ağanı düşüncədən ayıltdı: bir adam ata sıçradı, yenə dəbilqə və zireh işıqda parladı: – Yox, üç gündən sonra qayıdacağam. Gərək yolda Kəhrizliyə də dəyəm! – deyə bir səs eşidildi, atlılar çaparaq getdilər. “Odur!” – deyə Bəyimin sevinən qəlbi təkrar sancdı. Çönüb, otağına getdi. Yanan şamlar otağa matəm süsü vermişdi. Bəyim özünü ipək döşəkçənin üstünə salıb, qələmi əlinə aldı: Əfsus ki, yarım gecə gəldi, gecə getdi, Heç bilmədim ömrüm necə gəldi, necə getdi... Bəyim doluxsundu, qələm əlində titrədi, gözlərindən yaşlar axıb, yazdığı misraların üstünə səpildi. Nazlı onun yanını o saat kəsdi: – Ay bəyim, axı dərdin nədir? Bir mənə desənə! – deyə ona təsəlli vermək istədi, ipək dəsmalla onun gözəl gözlərini sildi, soyuq əlləriniəlinə alıb, oxşamağa başladı. Bəyim göz yaşlarından utanan kimi dayəsinin üzünə baxıb gülümsədi. – Ay dayə, – dedi, – nə yaxşı vaxtlar var idi, sən mənə gecələr şirin nağıllar deyərdin, qulaq asırdım...heç dərd-qəm bilməzdim... Ağabəyim ağa yenə doluxsundu. Nazlı mehriban bir səslə: – Axı, Bəyim, – dedi, – başına dolanım, indi nə olub ki? Tanrıya min şükür, gün kimi şəfəq verirsən, sədan aləmi götürüb. Bəyim bütün qəlbi ilə ona bağlanan bu saf qadını süzdü: – Dayə, – dedi, – bir nağıl de qulaq asım... Amma öz başına gələn iş olsun. – Nə deyim, qurbanın olum, mən yazığın başına nə gəlib ki? Ağabəyim ağa gülümsədi: De görüm, sən necə böyüdün, necə ərə getdin? Nazlı dodaqlarını büzərək: – Necə gedəcəkdim ki, – dedi. – Hamı necə, mən də eylə...Qız idim, hər axşam çağı bulaq başına suya gedərdim. Bir gün gedərkən bir çobana rast gəldim: təpədə oturub, tütək çalırdı. Gördüm elə gözü məndədir... Daha mən fikir vermədim, gəlib evə, işləri sahmana salıb, başımı atdım yerə. Ondan sonra elə hər axşam bu çoban gəlib, bizim çəpərin altında çalardı. Amma başı batmış da qəşəng çalardı. Elə mən yatanacan tütəyin səsi qulağımdan kəsilməzdi. Öz-özümə deyərdim ki, eh, bu çobanlar da nə arsız olurmuş, necə də ərinmir-gecəni bu çəpərin altında yarılayır... – Ah dayə! Nə xoşbəxtmişsən! – deyə bəyim onun sözlərini kəsdi. – Kaş mən sənin yerinə oleydim. – İraq canına, başına dönüm, nə olmuşdur ki? Bir arsız çobandan ötərimi? Mənim yerimə olub, nə olacaqdın ki? – Sənin yerinə olseydim, o çəpərə qısılıb, səhəri göz yaşları ilə açardım! Nazlı: – Bıy daha nə qalmışdı! – deyə Bəyimi heyrətlə süzdü. Ağabəyim ağa yenə gülümsəyərək: – Sonrası necə oldu? – dedi. – Sonrası necə olacaq – bir gün elçilər gəldi, məni bəyəndilər... Toy oldu... Görəm bu çoban. – Dayə, sevindinmi?.. Ağladınmı? – Qadan alım, daha niyə sevinəcəkdim ki! Qismətim idi, gəlib çıxmışdı. Ağlamaq da ki, qaydadır: qız ata-anasından ayrılanda ağlar. Ağabəyim ağa yanıqlı dayənin sözlərini kəsib dedi: – Kiri, ay dayə, baxtıyın qədrini bilməmisən, dünyaya gözüyumulu gəlib, gözüyumulu da gedəcəksən!.. * * * 1 Ermənicə Allah deməkdir. 2 Burada 1768-1774-cü illər arasındakı Rusiya-Türkiyə müharibəsi və 1774-cü ildə Dunay çayının sağ sahilindəki (indiki Bolqarıstan ərazisində) Küçük Qaynarça adlı kənddə bağlanmış sülh müahidəsi nəzərdə tutulur. 3 Qriqori Aleksandroviç Potyomkin (1739-1791) – II Yekaterinanın zamanında yaşamış rus dövlət xadimi 4 Gül gülə yaraşır 5 Şanapipik 6 Dərbənd 7 Sətəlcəm * * * Üçüncü hissə 1 Allahqulu Kazımın daxmasına girdikdə Kazımı körpə uşaqları ilə bərabər kürsüdə gördü. Kürsü gödək qılçalı bir masa idi, bunu otağın ortasındakı ocağın üstə qoyar, ətrafına mütəkkə yığar və üstünə yorğansalardılar. Kazım mütəkkələrə söykənib yorğanı döşünə çəkmişdi;yalnız başı görünürdü. Telli və Gülnaz kənarda oturub yun darayır, Kazımın arvadı Ballı isə cəhrə əyirirdi. Alçaq pəncərəni qar basmışdı. Allahqulu əllərini ağzına qoyub, hoxura-hoxura qarlı başmaqlarını qapının ağzında çıxardı, salam verdi və kürsüyə girdi. Kürsü hamam kimi idi, Allahqulu ayaqlarını ocağın qırağına uzadıb, əllərini də qızdırmağa başladı. – Yaman ayazdır, daş çatlayır, – dedi. Kazım dərdli-dərdli: – Daş da çatlar, adamın ürəyi də çatlar. Havaxta kimi belə işsiz oturacayıq! Xarabada pambığın, ipəyin hesabı yox idi, indi tapılmaz oldu. Allahqulu sərzənişlə: – Qoyurlar ki, – dedi, – əkin əkən, barama becərən işini görsün? Aranda dirrik qalmayıb, heç kəsin sabaha diri çıxmasına gümanı yoxdur. – Allahqulu bir az düşünüb, qeyzlə: – Urus da gəlmədi ki, canımız qurtareydi! Kazım gülümsündü: – Bir gün, – dedi, – Molla Nəsrəddin kəndə səs saldı ki, dağın o tayında adama bir çuval qarpız verirlər. Xalq çuvalı alıb, ayaq aldı. Molla dağa tərəf qaçan camaata baxıb: “Bəlkə elə doğrudan da qarpız verirlər” – deyib, özü də bir çuval götürüb qaçdı. İndi, ay Allahqulu, sən də çuval götürüb getmişdin, amma qarpızını görmədik. Allahqulu gülərək: – Mənim qarpızım çürük çıxdı, – dedi, kürsünün üstünə tökülmüş qorğadan götürüb, ağzına atdı və əlini cəld kürsünün altına soxdu. Bu əsnada Kazımın böyük oğlu gəldi, o, məktəbdən çeşdə1buraxılmışdı, küncdəki təknədən bir parça çörək qapıb, kürsüyə girdi. – Ay ata, – dedi, – mollam aylıq istəyir, deyir ki, iki aydır verməmişsiniz... Kazım bir az acıqlı: – Sənin də mollan, – dedi, – lap zəhləmi tökdü, bilir ki, yoxumdur. Kazımın oğlu yavan çörəyi gəvələyərək qaş-qabağını salladı: – Indi mən yoldaşlarımın yanında necə deyim, yoxumuzdur. Allahqulu maraqla: – Neçə verəcəyiniz var? – dedi. Kazım hiddətlə: – Əşşi, beş bisti. – Daha ondan ötəri oğlanı niyə yoldaşlarının yanında sındırırsan, – deyə Allahqulu qurcuxaraq darayı kisəsini çıxardı. Kürsünün üstündə diyirlənən bistilər məktəblinin kefini açdı: o, atasının üzünə baxaraq bistiləri ovcunun içinə toplayıb kürsüdən çıxdı. Kazım: – Hara? Günorta azanı hələ indicə verilib qurtardı, – deyə oğlunu səslədisə də, oğlan başlığını qulaqlarına çəkib getdi. Allahqulu başını tərpədərək: – Ey cavanlıq! – dedi. – Nə soyuq bilir, nə rahatlıq bilir! Kazım qəhqəhə çəkib güldü: – Bir gün Molla Nəsrəddin arx keçirdi. Atılanda düşdü arxın içinə. Camaat güldü. Molla özünü öyərək: “Ey, bilsəydiniz cavanlığımda necə qoçaq idim; indi qocalmışam”. Molla xəlvətə çıxanda öz-özünə yavaşca dedi: “Öyünüb eləmə, heç cavanlığında da bir zibil deyildin”... İndi, ay Allahqulu, vallah, cavanlığımız da bir şey deyildi. Gülüşdülər. Qadınlar və çocuqlar da bunlara qoşuldular. Kazım arvadına müraciət edərək istehza ilə: – Ay Ballı xanım, – dedi, – tez ol plovun dəmini al, çək yeyək. Turac çığırtmasını da bir az sulu elə... Tez ol-acıq. Ballı: – Baş üstə! – dedi, yerindən qalxıb, çırpındı, sonra sinidə bir az çörək, bir az da quru pendir gətirib, kürsünün üstə qoydu. Allahqulu Kazımın zarafat və istehzasına o qədər öyrənmişdi ki, plov əvəzinə pendirçörək verilməsinə heç də heyrət etmədi. Günəş göründü. Pəncərənin yağlanmış kağızlarından içəri bulanıq işıq süzülməyə başladı. Kazımın kefi daha da duruldu: – Sağ olsun, usta tanrı! Yenə mərhəmətini bizdən əsirgəmir. Allahqulu istehza il dedi: – Qorxmursan hava açıla, şah gələ? – Eh, cəhənnəmə ki!.. Budu şah gəldi, odu şah gəldi, daha qulağımız dolubdur. Gəlir gəlsin. “Mus-mus” deyincə bir dibli “Mustafa” deyilsin qurtarsın... – Kazım get-gedə hiddətlənirdi, qəti olaraq: – Ya o yanlıq olsun, ya bu yanlıq! Vəssalam! – deyib sözünü bitirdi. Allahqulu ağzındakı çörəyi çeynəyib, Kazımın başının üstündən rəfə baxırdı. Lakin oraya düzülmüş lacivərdi qabları görmürdü, onun fikri tamamilə irəlidə ola biləcək hadisələr ətrafında dolaşırdı. – Yaxşı, – dedi, – axı əvvəl araları yaxşı idi: şah, dedilər, İbrahim xana xələtbarat da göndərmişdi. Bəs necə oldu? Kazım hiddətli: – Allah şahın da evini yıxsın, xanın da! – dedi. – Nə o Allah deyəndən deyir, nə bu. Şah xələt-barat göndərdi, məmləkət adətincə zaval istədi, İbrahim xan da Əbdilsəməd bəyi Tehrana zaval göndərdi. Elə bilirsən bunnan iş qurtarır? Daldan gərək peydərpey qoşun verəsən, sursat göndərəsən. Nədi – Isfahanda davadır, Xorasanda davadır. Başlarına dəysin davaları, kasıb-kusub əldən getdi! Ballı sözə qarışdı: – Ay kişi, az deyinsənə, göydən nə yağıb, yer onu qəbul edib. Yazıya pozu yoxdu. Kazım da qədərə inanan olduğu üçün arvadın sözləri ona bir az təsəlli verdi. Lakin yazının niyə elə yazıldığına dair onda zəif bir sual duyğusu oyandı, onu sarsıdıb yox oldu. Səfərin gəlməsi söhbətin mövzusunu tamamilə dəyişdi. Kazım belə ona qarşı ehtiyatla davranırdı. Səfər salam verib, kürsüyə girdi və qorğa götürüb, sağlam dişləri ilə xırtıldatmağa başladı. Allahqulu hörmət və bir az da qorxu ilə: – Oğlum, necəsən? – deyə onun halını xəbər aldı. – Yaxşıyam, sağ ol! Ancaq şaxta olanda yaram qövr eləyir. – Hansı? Qılçındakı? – Hə. Zəhrimar incidir. – Bəs cərrah nə deyir? – Məlhəm vermişdi, bağlayıram. Kazım təcrübəli bir adam ədası ilə dedi: – Yaranın ağzını yaxşı eləyirlər, içi qalır. Ola bilər ki, ətin içində sümük qırığı da qalsın. Onun üçün hov eləyir... Səfər cavab vermədi. Qorğanı ləzzətlə çeynəyir və nə isə düşünürdü: – Əşi, yaz gəlsəydi, bir atı minib, çöllərə çıxardıq, – dedi və nəşə ilə gülümsədi. – Evdə oturmaqdan çürüdük getdik. Allahqulu ehtiyatla dedi: – Hələ cavansan, at belində gəzən vaxtındır. – Nə qayırım, kənddə idim, əkinim-biçinim vardı. Indi hər şeydən avarayam. – Bəs mal-qaran necə oldu? – Elə o vaxtdan dağıldı getdi. Bu indiki inəyi Ağdamdan gətirmişəm. Kənddə böyümüş adamıq, ağartısız dolanmaq olmur. – Səfər bir az düşündü, sonra daha da nəşələnərək: – Qoy yer göyərsin, bir iki də quzu alıb, həyətə buraxacağam. Payızda toğlu olar, kəsib qovurarıq, qışa qalar, – dedi. Allahqulu da nəşələndi: – Bildir mənim əməyim hədərə getdi: saxladım, böyütdüm, axırda Xəznə qayasından uçub öldü. Kazım gülərək zarafata başladı: – Xəznə qayasından bu qədər adam atırlar, qoy bir də bir toğlu atılsın. Deməli, Allahqulu, sizin evdən bir qurban gedəcəkmiş, yaxşı ki, toğlu dərd-bəlanı aparıb. Allahqulunun bu zarafatdan əti çimçəşdi, özünü itirdi və cavab verməyə belə söz tapmadı. Kazım məsələni anlayıb, daha da istehzasını artırdı: – Hə, tüstülədin, deyəsən! – dedi. Səfər mərd bir səslə: – Niyə tüstüləsin ki, – dedi, – mən ölməmişəm ki! Səfərin sözləri Allahquluya ürək-dirək verdi, o özünü toplayıb: – Sağ olsun Səfər! Vallah ki! – deyə bildi. 2 Vaqif buxarının yanında oturub, Gülüstanda yaşayan Vidadiyə məktub yazırdı. Zövq, nəşə və lətifəçiliyi yüksək dərəcələrə çıxmışdı. Dəmirqara odunu şirin-şirin yanır, istisi və çartıltısı şairə min bir ilham bağışlayırdı. Pəncərənin rəngin şüşələrindən düşən işıq tutqun idi. Xalıların, cecimlərin, ipək püştə və döşəkçələrin boyaları bir-birinə qarışaraq pəlmələnmişdi. Vaqif bunların fərqinə varmayaraq, buxarının alovlarında cilvələnən şeir pərisi ilə əylənir, onu qaplamış bir ahəngə qoşulmuşdu. Müəzzinin gözəl səsi onu şeir pərisindən ayırdı: qələmi yerə qoyub saatına baxdı, əqrəblər düz dəstənin üstündə idi. Qapı açılıb, lələ girdi, gülümsünərək ağasının üzünə baxdı. Vaqif məsələni anladı: – Versin görək! – dedi, kağız və qələmdanını yığışdırıb, döşəkçəsinin altına qoydu. Süfrə salındı. Nahar tam günorta əzanı zamanı olardı. Buğlanan xörəklər süfrəyə daşındı. Qasım ağa gəlib oturdu. Nəhayət, Qızxanım zühura çıxdı. O, məhərrəm münasibətilə qara don geymişdi. Ağ bədirlənmiş sifətə, qara iri gözlərə bu qara paltar nə qədər yaraşmışdı. Vaqif onu çoxdan görməyən adam kimi süzdü, için-için yandı. Lakin ehtiyatsız bir söz deməsin deyə, dinmədi. Gümüş biləklər xörək çəkərkən kəhrəba qolbağı şaqqıldayır, yanaqlar güzgü kimi öz-özünü əks etdirərək parlayır, qızarırdı. Bayaq atəşdə cilvələnən pərilər, indi bu solmaz yanaqların, tanrıdan şuxluq bağışlanmış bu ceyran gözlərinin ətrafına toplanırdı. Xörək yeyilirdi. Kimsədən səs çıxmayırdı. Vaqifin oğrun gözləri Qızxanımın çöhrəsini dolaşır, şair nəşəsinə qida verirdi. Xanımın dodaqları yağlanmış, şeh düşmüş gülə bənzəyirdi. Vaqif özünü saxlaya bilmədi, lakin qaş qayırmaq istərkən, gözü də vurub tökdü: – Ömrün uzun olsun, Qızxanım, gözəlcə xörəkdir! – dedi, arvadının üzünə baxdı. Kaş heç baxmayaydı, qadın o saat dəyişildi, gözəl dodaqları büzüldü, qaşlar qalxdı, üzündə bir xoşnudsuzluq ifadəsi duyuldu. Bu ürəksıxıcı əlamətlər Vaqifə bəlli idi, onun səbəbini də gözəlcə bilirdi: qocalıq-gənclik, gözəllik-çirkinlik. kimi təzadlar daima onların həyatını zəhərləmiş və zəhərləyirdi. Lakin nə üçün Vaqif gənc deyildi? Nə üçün öz arvadı ona yabançı və yasaq olmuşdu? Nə üçün o, bir evdə, bir otaqda yaşadığı qadınının bu qədər həsrətini çəkir, dərdindən odlanırdı? Yaxınlıqla bərabər aralarında böyük məsafə, yıxılmaz barılar, bürclər vardı? Vaqif illərdən bəri bu sualları özünə vermiş və yenə verirdi. Lakin cavabında aciz qalaraq, kədərlərə dalırdı. Indi də tutuldu. İştahası kəsildi, boğazı tıxandı. Ətrafa baxdı: otaq ona qaranlıq zindan kimi göründü; indi pəlmələnmiş boyalar süzülərək onun qəlbinə tökülür, soldurub, söndürürdü... Vaqif xörəkdən yarımçıq ayrılıb qalxdı. Küçələr dəstə təpənlərlə dolmuşdu; dəf, sinc, “Heydər! Heydər!” – səsindən qulaq tutulurdu. Vaqif ağır duyğular içində yürüyürdü, atını belə minməmişdi. Kürk ona ağırlıq da eləsə, dözürdü. Saatlı ilə Xoca Əmircanlı məhəlləsi arasında bir az dayanmaq lazım gəldi. İki məhəllənin dəstələri bir-birilə dalaşırdı. Göydən daş və çomaq yağırdı. Qışqırıq, söyüş aləmi bürümüşdü, tam bir müharibə idi. Saatlı dəstələri üstün gəlib, o biri məhəllənin camaatını püskürdüb, dar küçələrə soxdu. Vaqif ötüb getdi. Hamam qabağına çıxdı. Dərin dərənin üstündəki taxta körpünü keçdi. Indi artıq sakitlik idi. Hava bulud da olsa, çox soyuq deyildi. Bəlkə də Vaqifə elə gəldi: piyada yol və ağır kürk onu tərlətmişdi. Mədinə naçaxlamışdı2. Yatağında oturub, bəyazlara dalmışdı. Ağbirçək bir qadın Vaqifin kürkünü aldı. Şair Mədinənin taxtının üstündə oturub, nəbzinə baxdı: – Bir balaca qızdırman var, – dedi. Mədinənin solğun çöhrəsinə baxıb gülümsədi. Mədinə: – Olmazmı? – deyə ima ilə Vaqifi süzdü. Vaqif bu baxışdan çox şeylər duydu: – Ah Mədinə, bilsən bu dövlət işi nə cəncəlli şeydir: urus getdi, indi də şah gəlir. Üz göstərirsən, astar da istəyirlər... – Bəs o üzdən dosta niyə göstərmisən? Neçə gündür yataqdayam; deyirəm, indi gələr, bir hor gələr... Vaqif Mədinənin sözlərini haqlayır, lakin cavab tapa bilmirdi: – Dərd birmi? – dedi, susdu, fikrində ailə dərdini vuruşduraraq düşündü. Lakin dərd-qəm çəkmək Vaqif üçün yabançı hallardan idi, ona görə yenə özündə nikbin qüvvələr toplayıb, müzəffər çıxdı. Vaqifin üzündən gözlərini çəkməyən Mədinə: – Şair, – dedi. – Üzündən bir duman keçdi, qaş-qabağın bulud kimi sallandı, canımı qara qeyd aldı. Amma axırı yaxşı oldu, üzünə yenə gün doğdu. Vaqif Mədinənin yetikliyinə heyrət edərək: – Mədinə, – dedi, – ürəkdən-ürəyə yol olduğuna indi inandım. Ancaq dumanla, buludla nə işimiz var, günəşdən danış! Əzizim, səni görəndə üzümə gün doğmazmı? Axı sən Mədinəsən! Şair qibləsi, iman məskəni Mədinə! Mədinənin həsrətlə dolmuş gözləri şairə dikilmiş, hərarətdən qurumuş dodaqları yetişib, ötmüş qaysı kimi açıla qalmışdı. Şair onun boynuna sarılıb, şirin qaysıya qovuşdu. Ailə dərdi, şah dərdi, xan dərdi – hamısı bir neçə saniyə davam edən dadlı yoxluq içində əriyib söndü. 3 Məhərrəmin birindən başlayaraq onuna qədər davam edən imam təziyəsi: mərsiyə, növhə, dəstə təpmə məhəllələr arasında adət şəkli almış dalaşmalardan sonra bütün bu həngamə aşura büsatı ilə bitirdi. Qarabağ elləri əslən köçəri həyat keçirdikləri üçün islam dini və Iran mədəniyyəti təsirinə düşməyərək, öz qədim türk ənənəsi və adətləri ilə yaşayıb gəlmişdilər. Şişənin binası xanlığın təsisi və Iran ilə başlayan əlaqə və rabitə ancaq yabançı adətlərin gəlməsinə yol aça bilmişdi. Şəbihgərdanlıq da Irandan gətirilmiş bu adətlərdən biri idi. Əvvəllər Kərbəla vəqəsini təmsil edən yalnız bir tamaşa göstərər – tarixi simaların rolları bölünər, zikr oxunar, Hüseynin qətli və ailəsinin hərb meydanında ağır vəziyyətdə qaldığı olduqca mütəəssir bir şəkildə nümayiş etdirilər, camaatı ağlatmağa çalışardılar. Indi bu tamaşaya başyarma da əlavə olaraq, ənənə şəklinə girirdi. Vaqif bu başyarma ilə vaxtı ilə günahsız bir dəstəni xanın qəzəbindən qurtarmışdı. Xanın qəzəbi bitməz bir şey olduğu üçün bu adət də dustaq buraxdırmaq üçün bir vasitə olaraq qalırdı. Bu il də həmişəki kimi, dustaqları olanlar kəfən geyib, səhər tezdən saray həyətinə gəlmişdilər. Vaqifin yazdığı zikrlərə indi şairlər yeni əlavələr də qoşmuşdular. Xan yenə artırmaya çıxıb, dustaqları buraxacağını vəd edib, camaatı sakit etdi. Dəstə zikir deyə-deyə Çuxur məhəlləyə, Məmmədhəsən ağanın imarətinə gedən yola çıxdı. Aşağısı qala divarları və yuxarısı yosma daxmalarla çevrələnən bu geniş meydan adam ilə dolmuşdu. Soyuğa və qara baxmayaraq, qətl hazırlığı görülürdü: əlvan geyimli şəbehlər bir tərəfdə toplanıb, rollarını əzbərləyir; başı dəmir pəncəli tuğlar şığıyır, dindar qadınlar onlara nəzir dəsmallar bağlayırdılar; uzun arxalıqlı, şiş papaqlı uşaqlar ora-bura qaçıb: “Ay şam alan, ay nəziri qəbul olan!” – deyə qışqırırdılar. Xan sarayından gələn ağköynək dəstəsi meydana girdi və dairə təşkil edərək, dəstədəkilər zikr deyib, təkrar başlarını yarmağa başladı. Şəbehlər duran yerdən “yezidin” kəcavəsi çiyinlərə qalxdı; qarşısında bir sərpuş vardı, altında imam Hüseynin başı qənimət gətirilirdi. Arxadan “əsirlər” göründü, burada arvad-uşaq bir-birinə qarışmışdı. Haris Müslümün balalarını qamçı ilə döyəcləyirdi...Budur, qana bələşmiş zülcənah yedəkdə gətirilir, üstünə bir cüt göyərçin qonmuş yaralı Əliəkbər sallanaraq atı addım-addım sürür. Altun və ipəklərə donanmış “Qasım otağında” bir körpə qız oturub, saçlarını yolaraq: “Başıma küllər, gözümə milər!” – deyə inləyir. Hüseynin başı kəsik nəşinin görünməsi hönkürtü qoparır. Firəng şəbehi, şir şəbehi... bir-birini təqib edirdi. Müvəssir münacat, zikr, növhə, şəbehlərin şeir ilə söylədikləri mükaləmələr bir-birinə qarışıb, xalqı ağladırdı. Saray xalqı üçün qurulmuş çadırdan tutmuş meydanın ətrafına və damlara səpilmiş camaata qədər hamı göz yazı tökürdü. Burada iştirak edən, nəzir verən, ağlayan yalnız türklər deyildi, ermənilərin də bir qismi inanaraq iştirak edirdi. Allahqulu bütün ailəsi ilə burada idi. O nəzir elədiyi üçün körpələrinə şam almışdı, axşam evində yandırıb, “Şamiqəriban” edəcəkdi. Gülnaz Telli ilə yan-yana durub, həzin-həzin ağlayırdı. Bu əsnada meydanın ortasındakı xeyməgaha od vuruldu. Bir dəstə qara geyimli “ərəb” çıxıb, başlarına saman sovuraraq xeyməgahın ətrafına fırlanmağa başladı... Xeyməgaha od düşəndə, Od düşəydi aləmə, Yandıreydi aləmi Övladi-heydər qanlısı! Ku Hüseynimə! Va Hüseynimə!.. Ağ köynəklər zikrdən təkrar coşdular, parlaq qılınclar və xəncərlər göydə oynadı, sürəkli hönkürtü meydanı təkrar qaplayıb, şaxtalı havanı dəhşətlə titrətdi. 4 İkinci Osmanlı-Rus müharibəsi3davam edirdi. Qafqaz kənarda qalıb, özbaşına buraxılmışdı. Iran daxilindəki vuruşmalar da illərdən bəri hələ bir nəticəyə bağlanmamışdı. Deməli, İbrahim xanın əli-qolu açılıb, öz mülkündə rahat səltənət sürürdü. Artıq Azərbaycanda ona dolaşacaq heç bir hökmdar qalmamışdı; nüfuzu yenə Şirvandan Təbrizə qədər yürüyürdü. Indi sarayı məşğul edən yalnız cıdır, ziyafətlər və ov kimi əyləncələr idi. Payızın xoş günlərindən biri idi. Aran bağlarına sarı və qırmızı boyalar hələ yenicə səpilmişdi. İbrahim xan və məiyyəti yüz atlı nökərlə ovlağa4 ova çıxmışdı. Vaqif də burada idi, sabiq Şəki xanının hədiyyəsi olan altun naxışlı tüfəngi yəhərin qaşından asmış, böyük bir ruhla atını sürürdü. Quşçular bəhləli6 əllərində iyirmiyə qədər qızılquş tutmuşdular. Tula yox idi, çünki quş ovunda tula götürməzdilər, tulanın vəzifəsini nökərlər görərdilər. Artıq turac və qırqovul görünməyə başlamışdı. Şeypur çalındı, hamı atdan endi. Yay-oxlu nökərlər sağa və sola yayılaraq geniş bir sahəni çevrələməyə başladılar. Dairəni düzgün təşkil etmək üçün Səfər atlanıb, nökərlərə baş çəkə-çəkə dolanıb geri döndü: – Hazırdır, xan sağ olsun! – deyə baş endirdi. Buyuruq verildi, şeypur çalındı, uzaqlardan şeypurla cavab alındıqdan sonra xan məiyyət ilə dairənin ortasına tərəf yürüdü. Nökərlər də irəli yüyürərək kol-kosa ox ataraq ov quşlarını perikdirir, yavaş-yavaş quşları getdikcə kiçilən dairənin ortasına uçururdular. İndi qızılquşlar xan və məiyyətinin qollarında idi; arabir ətrafında pırıldayıb uçan kəklik və ya turacı gördükdə qızılquşlar paçabənddən qurtarıb qaçmaq istəyir, ayaqlarındakı qumrovları cingildədirdilər. Vaqif, yaşına baxmayaraq, mətin addımlarla yürüyür, arx və çuxurlardan adlayır, ovu səbirsizliklə gözləyirdi. Bir də otluqdan iki-üç ırqovul qalxdı, Vaqif bir dəqiqə itirməyərək qızılquşun çılğısından‡dartaraq buraxdı. Xanın İndiki Yevlağın civarı † Əlcəkli ‡Cılğı – qızılquşun boğazına bağlanmış qayış yaxadır; quşun uçuşuna düzgün istiqamət vermək üçün ondan yapışıb buraxarlar. və başqa rəcalların da quşları buraxıldı. Qızılquşlar ox kimi süzüb, qırqovulları göydə alıb, otluğa endilər. Nökərlər qaçdılar, bir dəqiqə keçməmiş qızılquşları və qırqovulları gətirdilər. Getdikcə ov quşları artır, bəzən böyük sürbə ilə qalxırdılar. Qızılquşlarovlamaqdan yorulmuşdular. Ovçular da artıq həvəsdən düşmüş Vaqif: – Ceyran! – deyə səsləndi. Lakin ansızın çıxan bu ceyranı heç kəs ata bilmədi. Xan gülərək Vaqifə tərəf yönəldi: – Şair, – dedi, – sənin gözəlləri bənzətdiyin ceyran gördün nə getdi. Vaqif heyrət etmədən: – Xan, – dedi, – o da qocalığın üzündəndir: hansı ceyran bizə məhəl qoyar ki! – Ağzı nədir qoymasın! – Yox, xan, hökm hər şeyə çatar, qəlbə yox!.. Bu barədə mənim təcrübəm səndən çoxdur. – Necə yanı? – deyə amiranə bir ifadə ilə soruşdu: Vaqif yarızarafat, yarıciddi dedi: – Qızılquş qırqovulun həsrətindən yanır. Görək qırqovulda da o həsrət varmı? Xanın qaşları çatıldı, yanındakı pişxidmətə çönüb, sərt bir səslə: – Söhbətdən bir şey çıxmaz, – dedi, – ocaq qalatdır, bir qırqovul kababı yeyək! Şeypurlar gurladı, ov bitdi. Səfalı bir guşəyə ipək xalçalar döşənməyə başlandı. 5 – A kişi, nə deyirsən!.. Tanrı taqsırından keçsin! Vaqif hələ də aldığı xəbərə inana bilmirdi. Geyinərək düşünürdü: “Ey dünya, Şahməmməd də ölərmiş! Vahiməsindən bütün şəhər titrərdi. Qapını açıq qoy yat – bir çöpün itməz, gecə başında bir məcməyi qızıl apar, onun qorxusundan heç kəs yaxın durmazdı.” Vaqifin dalınca göndərilmiş nökər divara söykənib durmuşdu. Vaqif fikirdən ayrılıb, sanki hələ də inanmayaraq soruşdu: – Bir de görüm, necə olub ki, rəhmətliyi ilan vurub? Nökər əllərini döşünə qoyaraq: – Ağa, – dedi, – bilirsən ki, Şahməmməd ağanın həyətində ocaq var, ora ziyarətə çoxlu ilan gələr. O ilanlara dəymək olmaz, bilirsən ki, ilan kinli olar, onlardan birini öldürsən, qisasını alarlar... Şahməmməd ağa həyətdə armud ağacı əkirmiş, beli vuranda yerdən bir ilan çıxır, rəhmətlik öldürmək istəyir, ilan çevrilib barmağından çalır. Vaqif bir az düşündü, ona bu işlər gülünc gəldi: – Sən get, mən gəlləm! – deyə Əliməmməd ağanın nökərini yola salıb, yataq otağının qapısına yanaşdı: – Qızxanım, mənə bir təmiz dəsmal ver! – deyə çağırdı. Bir az sonra Vaqif evində saxladığı ağbirçək qadın əlində bir dəsmal kallayıya çıxdı. Vaqif düşüncəli bir halda dəsmalı aldı: – Qızxanım hardadır ki? – deyə soruşdu. – Xına islatmışdı, başına qoyacaqdı, bu vay xəbəri işi korladı. Heç bilmirəm indi xına nə olacaq... heyf oldu... – Əllərini bulamasın, yasa gedəcək – ayıbdır! – Yox, ağa, bulamayıb! Şahməmmədin evi Mehralı bəy bürcünün yanında idi. Bu bürcün qarşısında geniş bir meydança vardı, adına “Bəylik eşiyi” deyərdilər. Şahməmmədin evi bu meydançanın şimal tərəfində idi. Vaqif oraya gəldikdə Bəylik eşiyi adam ilə dolmuşdu, atdan düşüb, darvazadan içəri girdi. Evə doğru gedən daş qaldırımı yenicə cücərmiş ot basmışdı; sol tərəf bağça idi. Rəngli pəncərələri bağçaya baxan evin qarşısına da çoxlu adam toplanmışdı: bir tərəfdə bir kəcavə qoyulub, tirmə şal ilə bəzənirdi, o biri tərəfdə çadırda ölünü yuyurdular. Bağçanın qırağında, otun üstə üzərinə ağ tənzif çəkilmiş yeddi məcməyi qoyulmuşdu, bunlara halva hüluşu5yığılmışdı, qəbir üstündə paylanacaqdı... Mirzə Əliməmməd ağa uzaqdan Vaqifi görüb, istiqbalına qoşdu. Görüşdülər: – Başın sağ olsun! Uşaqları yerində paydar olsun! Nə etməli? “Küllü nəfsin zaiqətil mot”! – Fani dünyanın qaydası budur! Mirzə Əliməmməd Vaqifdən razılıq eləyib onu otağa dəvət etdi. Lakin Vaqif arvad-uşağı rahatsız etməsin deyə həyətdə dayanmağı tərcih etdi. Evin qarşısına gəldilər. Içəridən ağı səsi gəlirdi. Ağıçının gözəl səsi və nisgilli ağısı İnsanı olduqca mütəəssir edirdi: Ürəyimdə yara var, Üstə xal-xal qara var, Aç ürəyimin başını, Gör yanmamış hara var! Vaqif Mirzə Əliməmmədin gözlərindən axan yaşa baxıb düşünür, “hər şeyin axırı ölümdür!” – deyirsə də, inanmırdı. Ona elə gəlirdi ki, həyat uzun inci düzümü kimi şeydir, hər incisi bir aləmdir. Hələ bu aləmdən nə qədər qalmışdı! Hər bir aləmin zövqü və səfasını süzdükdən sonra inci düzümü qırılsa nə olar ki? Hər şey fani də olsa, bu faniliyin qəlb, şüur və əql kimi gözəl rəhbərləri var! İçəridən qopan şivən Vaqifi düşüncədən ayırdı. O, Mirzə Əliməmmədlə bir yerdə içəri getdi. Şala bükülmüş meyit xalının üstə qoyulmuşdu. Qonşu otaqda arvadlar “şaxsey-vaxsey!” – deyə qışqırırdılar. Meyiti baş və ayaq tərəfdən yapışıb, üç dəfə götürüb, təkrar yerə qoyduqdan sonra qaldırıb kəcavəyə apardılar. Cənazə mərasiminə xanın tərəfindən oğlu Məmmədhəsən ağa gəlmişdi. Vaqif onunla görüşüb, bir yerdə ölü namazına durdular. Sonra çiyinlərdə aparılan cənazənin dalınca bir müddət piyada yürüyüb, söhbətə daldılar. Məmmədhəsən ağa daim xəstə olduğu üçün evdə oturar həyatını oxuyan-çalan məclisində keçirərdi. Ona görə qonşu ölkələrdə cərəyan edən hadisələr onu az maraqlandırardı. Lakin axır vaxtlar Ağaməmməd xanın gəlməsindən o qədər danışılırdı ki, xanın vəliəhdi ciddən rahatsız olmağa başlamışdı. O, səsində həyəcan duyduraraq: – Axund, şahdan nə xəbər var? – deyə Vaqifin üzünə baxdı. – Görünür, bütün düşmənlərinə qalib gələcək, – deyə, – Vaqif cavab verdi. – Axır vaxt Təbrizi də təsxir etdi. Oraya Süleyman xan adlı bir başbuğ göndərib, ətraf xanlardan zaval apartdırır. Süleyman xanın iyirmi min qoşunu var. Məmmədhəsən ağa düşündü, təkrar Vaqifin üzünə baxdı, lakin Vaqifin üzünü görməyirdi, düşüncə və əndişələr onu başqa bir aləmdə dolaşdırırdı. Vaqif fikrindən ayrıldı. Parlaq və oynaq gözlərini ona dikib, nədənsə müntəzir görünürdü. Məmmədhəsən ağa yenə soruşdu: – Axund, tanrı hifz eləsin, işləri yaxşı görmürəm. Urus da uzaqlaşdı. Yenə asayişin bərpası üçün o yaxşı idi. Yaxşı, Ağaməmmədin fikri nə ola? Vaqif: – Ağa, bəllidir, – dedi, – Nadir yerişi yerimək istəyir. Parçalanmış İran mülklərini bir yerə yığıb, özünü, görünür, şah elan etmək istəyir. Vaqif susdu. Məmmədhəsən ağanın rəngi ağarmışdı. Görünür, piyada getməkdən yorulmuşdu. Vaqif bunun fərqinə varıb dayandı: – Ağa, piyada getməkdən özünüzü üzərsiniz, rüxsət buyurun cilovdar... Məmmədhəsən ağa dayanaraq Vaqifin sözlərini kəsdi: – Elə mən deyəcək idim. Cilovdarlar atları irəli çəkdilər, Məmmədhəsən ağa və Vaqif minib, yan-yana, addım-addım sürməyə başladılar. Cənazə irəlidə idi. Molla və tələbələrin “Sübhan Allah!” səsləri kədər doğururdu. Hava soyumuş, qalın duman şəhərin bir tərəfini bürümüşdü. Vaqif sözünə davam etdi: – Ağa, şah culus edərkən, Iranın dörd valisi tac mərasimində iştirak etməlidir. Adətən iki vali şahın sağında, ikisi solunda durar. Ərəbistan valisi əlində cıqqa, Gürcüstan-qılınc, Loristan-xirqə, Kürdüstan valisi cavahiratlı həmail tutar. Bu adətdir. Vaqif bir az sükut edib, gülümsəyərək: – Axta xan təzə bardaq suyu olduğu üçün bu valilikləri təsxir etməyə ciddicəhd edəcək. Məsələnin bəlalı cəhəti burasıdır. Xanlığın mənafeyini güdərək bir yerə meyl etməliyik. Vaqif bir az duruxub, qəti səslə: – Mən ki nicatımızı İran keşməkeşində görənlərdən deyiləm! – deyə sözlərinə xitam verdi. Duman ətrafı bürümüş, göz-gözü görmürdü. Cənazənin arxasınca gedən adamlar kölgə kimi görünürdü. Vaqif susmuşdu, burnunu kürkün yaxasına soxub, nə isə düşünürdü. Məmmədhəsən ağa da eyni düşüncəli sükuta dalmışdı. 6 Ağaməmməd xanın Təbrizə göndərmiş olduğu Süleyman xan İravan və Naxçıvan xanlarını Iran himayəsinə çağırırdısa da, müvəffəq ola bilməyirdi. Bunu görən Ağaməmməd bilavasitə elçilər göndərib, Qafqaz xanlarından zavallar tələb etdi. Iravan, Qarabağ, Talış, Avarıstan və Gürcüstan elçilərə rədd cavabı verdilər. Şəki, Şirvan, Dərbənd, Bakı isə Axta xanın elçilərini hörmətlə qəbul edib, Iran himayəsinə boyun əydilər. Gəncə tərəddüd içində idi. Cavad xanla İraklinin arası açıldığı üçün İrakli Cavad xanı götürüb, yerinə Rəhim xanı nəsb eləmək istəyirdi. Cavad xan da belə bir vəziyyətdə istər-istəməz İrana tabe olmaq niyyətində idi. Qarabağ sarayında böyük bir təlaş vardı: iki-üç ildən bəri davam edən asayiş pozulmuş, qayğı və əndişə hər kəsi qaplamışdı. Rusların Tiflisə gəlməsi ilə əlaqədar olaraq qırılmış Gürcüstan-Qarabağ dostluğu yenidən ehya olunur, başqa xanlarla ittifaqa girilir, Şişə Kələntəri Ağası bəyə kisə-kisə altun buraxılıb, qalanın təchizatı mükəmməlləşdirilirdi. İki-üçü gündən bəri Vaqif evdən çölə çıxmayıb, rəsmi məktublar yazmaqda idi. O yazır, Mirzə Camal da üzünü tirmə kağızlara köçürürdü. Elə məşğul idilər ki, Mirzə Əliməmməd ağanın içəri girməsini belə görmədilər. – Salaməleyküm! Vaqif gözlüyün üzərindən Mirzə Əliməmmədi süzüb, salamına cavab verdi və yerində qurcuxdu. Mirzə Əliməmməd cəld yüyürüb, əlini Vaqifin çiyninə qoydu: – Zəhmət buyurulmasın! – dedi, – gəldim xudafizləşməyə! Vaqif heyrətlə: – Bu tezliklə? – deyə gözlüyünü yerə qoydu. – Axı sabah gedəcəkdin? – Xeyr, – deyə, Mirzə Əliməmməd cavab verdi, – bu gün hazır olduq, vaxt itirmək caiz deyil. Vaqif düşündü: – Yaxşı, məsləhət sənindir, – dedi və sonra Mirzə Camala müraciət edərək: – Mirzə Camal, Rum sultanına yazılmış məhəbbətnaməni ver görüm! Mirzə Camal sarıya çalan və lülələnmiş məktubu kağızların arasından götürüb Vaqifə verdi. Vaqif açıb başına baxdıqdan sonra: – Buyur, Mirzə Əliməmməd! – dedi, bir az düşünüb əlavə etdi. – Daha məsələni bilirsən. Əvvəla, çalışarsan, özünü İstanbula tez yetirərsən. Bu barədə Süleyman paşa lazımi köməyi səndən əsirgəməyəcək. Saniyən, Sultan həzrətlərinə məsələni ətraflı ərz edəsən; deyərsən ki, bizi iki od arasından qurtaracaq yeganə çarə Osmanlı himayəsidir. Tezliklə əsgər göndərməsələr, Axta xan bizi həlak edəcək və ümməti – islam qan dəryasında boğulacaq. Vaqif susdu, lakin böyük bir həyəcan keçirdiyi halından görünürdü; iztirabdan qamış qələm əlində titrədi. Mirzə Əliməmməd məktubu qurşağına soxub dedi: – Axund, arxayın ol, əliboş qayıtmaram. Bir də şən bir təbəssüm Vaqifin çöhrəsini parlatdı: – “Şah gəldi, şah gəldi!” – dedilər, axırda, deyəsən, “saman” düşüb “zaman” odlanacaq! – Vaqif qəhqəhə ilə güldü, sonra kiriyib, mətin bir səslə: – Əzizim, – dedi, – dövlət işi belədir – gah eniş, gah yoxuş; bir az səfa, iki elə cəfa. Nə etməli, məyus olmamalıyıq; şair demişkən: “Səbr eylə, aqibət mey olur qan dedikləri, Sübh visal olur şəbi hicran dedikləri!.. Mirzə Əliməmməd ağa istər bu şeirdən, istərsə də Vaqif kimi dostundan ayrıldığına kədərlənib doluxsundu. Vaqif ilə qucaqlaşıb ayrıldı. Vaqif onu artırma pilləkəninə qədər ötürdü: – Lələ, ay lələ! – deyə çağırdı. Lələ hazır oldu: – Lələ, əlin yüngüldür, ağanın arxasından su at, uzaq səfərə gedir! Mirzə Əliməmməd ağa ata minib tərpəndikdə lələ bir tas su gətirib, onun arxasınca atdı: – Tanrı yaxşı yol versin. Işin avand olsun! Atlar həyət darvazasından çıxıb, getdi. Vaqif gözlərini silə-silə geri döndü. Mirzə Camal kağızı dizinin üstə qoyub, səy ilə yazırdı. Vaqif ona yönələrək: – Oğlum, – dedi, – sərbaz baş ilə oynayan kimi bizlər də məmləkətin taleyi ilə oynayırıq. Qumardır: tuta-tutmaya! Hər halda biz vəzifəmizi görməliyik. Bəlkə, xanlığın rahi-nicata çıxmasına bir səbəbi xeyir olaq. 7 Şəhərdə böyük bir hərb hazırlığı duyulurdu: silahlı adam əlindən dar küçələrdən keçmək mümkün deyildi; şimaldan dağ yolları ilə gətirilən toplar şəhərin cənub-şərq cəhətlərinə yerləşdirilirdi. Avarıstandan göndərilmiş ləzgi və başqa xalqlara mənsub tutma əsgər məhəllələrə paylanırdı. Məmməd bəy də Kəhrizlidən çağırılıb gətirilmişdi. O, qoşunla Araz qırağına göndəriləcəkdi. Baharın son ayı idi. Leysan yağışları yenicə dayanmış, hər yer yaşıllaşıb firuzəyə dönmüşdü. Ağabyəim ağa Məmməd bəyin gəlməsini eşidib, onunla görüşməyə bir vasitə axtarırdı. Yenə bütün günü bağçanı dolaşıb, Nazlını danışdırır, dəruni böhranından rahatlıq tapa bilmirdi. O, Əsgərana baxan bürcün qarşısındakı ağaca söykənib, əlindəki ağ zanbağı qoxulayaraq: – Dayə, – dedi, – gecələr elə yatırsan ki, sənə həsəd aparıram... Ah dayə, nə bəxtəvər adamsan! Nazlı güldü: – Bəyim, başına dönüm, yatmayım nə qayırım?! Ağabəyim ağa onu həsrətlə süzərək: – Eh dayə, – dedi, – mən də yatardım...Amma indi yuxum gözlərimdən çəkilib. Gecə sabaha qədər ulduzlarla dərdləşirəm. Bilmirəm, bu dərd hayandan gəldi... Ağabəyim ağa doluxsundu; ala gözlər odlu yaşla doldu. Nazlı təlaşa düşdü; o, Bəyimin dərdindən baş açmayaraq, özü də dərdləndi: – Bəyim, – dedi, – qurbanın olum, axı bilmirəm sənə oldu?! Gözəmi gəldin, naləyəmi gəldin? Nazlı Bəyimin belini qucaqlayıb, onu oxşadı, ürək-dirək verdi. – Bəyim, – dedi, – adam bir az toxtaq olar, hər şeyi ürəyinə salmaz. Axı bilmirəm sənə durduğun yerdə nə oldu?.. Bəlkə şər vaxtı yerə isti su atmısan, mələklərin qanadını yandırmısan, sənə nifrin ediblər? – Yox, dayə!.. O deyil... Qəlbimdə bir mələk var, onun qanadı yanmışdı, gecəgündüz ahu zarından üzülürəm! Nazlı heyrətlə bəyimin yaşılı gözlərinə baxır, qəlbindəki mələyin nə olduğunu bir növ anlaya bilmirdi: – Bəyim, – dedi, – qəlbdə mələk olduğunu eşitməmişdim? Deyirlər, adamın hər çiynində bir mələk olar, günahı-zavalı yazar, qiyamət günü ona görə adama əcir verərlər. Qəlbdə də mələk varmış. Bəs, görəsən, o nə qayırır? Nazlının bu safdil mülahizələri Bəyimin gülümsəməsinə səbəb oldu: – Dayə, – dedi, – xoş halına! Yaxşı ki, o mələk sənin qəlbini viranə bağa döndərməmişdir. Dayə, bilsən, o gözəl mələk mənə nə qədər əzab verir. Həm də nə qədər xoş və dadlı bir işgəncəsi var!.. Nazlı sakit duraraq, ona olduqca yabançı görünən bu fikirləri dinləyir, bir şey anlaya bilmirdi. Bu əsnada arxadan tappıltı gəldi. Ağabəyim ağa səksəkəli quş kimi cəld çöndü: – Məmməd! – deyə dona qaldı. Məmməd bəy Ağabəyim ağanı görcək bir az duruxdu, zənn ilə baxdıqdan sonra, sevinclə: – Əmiqızım deyil? Maşallah, mən görməyəndən bəri lap yekə qız olmusan ki! – deyə cəld əl verdi. Ağabəyim ağa qıpqırmızı kəsilib, gözlərini yuxarı qaldırmağa cəsarət etmirdi. Yalnız ağ tafta köynəkdə qönçələnən köksü həyəcan içində çırpınırdı. – Necəsən, yaxşısanmı? – deyə Məmməd bəy soruşdu. Bəyim gözlərini qaldırdı, Məmməd bəyin ala sərt gözlərinə rast gələr-gəlməz, baxışı onun yaşıl çuxasından, ağ arxalığından süzülüb, yenə yerə dikəldi. – Yaxşıyam!.. Sağ ol!.. Sən görəli! Bəyimin ərki və gileyi Məmməd bəyi oxşadı. O, Ağabəyimi yenidən süzdü: əlindəki zanbaq qədər lətif və gözəl idi... hadisələr olmuş, İnsanların başı qarışmış; göz açıb yumana qədər xeyli bir zaman gəlib keçmiş... bu bağçada yeni bir zanbaq yetişmiş; onu günəş oxşamış, hava qucmuş...nazlar, rayihələr, nəşələr ona yoldaş olmuş... Ah, vuruşmalar, igidliklər, şöhrət və ad...Kaş hamınız bir toz olub, bu gözəl dolaşan yollara səpiləydiniz... Məmməd bəy köksünü ötürdü. Mərcan dodaqlardan “sən görəli” – deyə fırladılan sözlər bir xəncər olaraq onun qəlbinə sancıldı: – Əmiqızı, – dedi, – gileyə haqqın var. Bilsən, ömrüm necə puç olub gedir. Ağabəyim ağa artıq qəlb istirahəti tapıb cürətlənmişdi. O, süzgün baxışı ilə Məmməd bəyi oxşayaraq: – Səbəb kimdir? – deyə gülümsədi və gözlərinin onun gözlərinə dikdi. – Əlbəttə özüm. İnsan başına gələni bilseydi... – Kəhrizlidə nə var? Hürü xanım, Ayişə bəyim necədirlər? Məmməd bəy Ağa Bəyimin sərzənişinin mənasını anladı, qızararaq: – Canına dua edirlər! Əllərindən öpürlər, – dedi. Nazlı yaşmanıb, kənardan bunlara tamaşa edir və Bəyimin birdən dəyişilib nəşələndiyinə heyrət edirdi. Ağabəyim ona yönələrək: – Dayə, – dedi, – bir kasa su gətir, içmək istəyirəm. Nazlı cəld çönüb, saraya doğru dikləndi. Ağabəyim ağa xoş bir əda ilə zanbağın yarpağını qırıb, dodaqlarına aldı və Məmməd bəyin üzünə baxmayaraq: – Yaxşı, – dedi, – heç bir demirsən mənim bir əmim qızı var, qərib quş kimi, səhərdən axşama qədər bu ağaclara sığınıb, həsrət çəkir?! – Ay Bəyim, görmürsən nələr olur: bu gün-sabah şah Arazı keçəcək... Ağabəyim ağa Məmməd bəyin sözlərini xoş bir hiddətlə kəsdi: – Yerə batsın şah da, Araz da!.. Kiri, vəfasızsan! Məmməd bəy güldü, Bəyimin sözlərinə cavab tapa bilmədi. Ağabəyim ərk ilə əlini onun xəncərinə uzadıb, qızıl yazılı dəstəsini əlləşdirərək dedi: – Sənə gülünc gəlir... Amma mən... Yaş bəyimi boğdu. Əlləri ilə gözlərini qapayıb, hönkürdü. Məmməd bəy onu ehmalca qucaqlayıb, özünə tərəf çəkdi. Bəyim Məmməd bəyin geniş köksünə sığınıb, ağlamaqda davam etdi. indi Bəyimin halı qorxunc bir fırtına keçirmiş qayıqçının sahilə çatıb, lövbər atmasını andırırdı. Sahil qəvi və təhlükəsiz idi, artıq coşan, köpürən fırtınalar arxada buraxılmışdı. Lakin bu sığınaq sahil idimi, sərab idimi? Səadətin özünün də sezilməz əndişələri olur. Bu əndişələr Ağabəyimin də qəlbinə yol axtarmağa başladı: o, yaşılı gözlərini qaldırıb, Məmməd bəyin gözlərinə baxdı: – Eşitdim sabah qayıdırsan, bu düzdürmü? – deyə intizar içində çırpındı. – Düzdür! – Getmə! Gedərsən başına, dilim qurusun, bir iş gələr. – Getməsəm olmaz, xanın buyruğu belədir... Ağabəyim ağa küskün bir halda Məmməd bəydən aralanıb, ağaca söykəndi. Yenə zanbağın yarpaqlarını qırıb, dodaqlarına alır və sonra şüursuz bir halda otun üstə atırdı. 8 Vaqif yastıqlara söykənib, yatağında oturmuşdu. Kələntər Ağası bəy də bir saatdan bəri onun yanında idi. Vəziyyətin ağırlığı Vaqifi olduqca darıxdırırdı: – Zəfim7 olmasa, – dedi, – yenə durardım. Mən özümü yatağa verməyi sevmirəm. Ağası bəy ehtiyatlı bir səslə: – Yox, axund, hələ qalxma! – dedi. – Həkim də eylə buyurur; dedi ki, sənadan8sonra iki gün yataqdan durmazsan! Ancaq işlər adamın ürəyini sıxır. Şah Arazı keçmişsə, çətin olacaq. Ağası bəy: – Axund, ərz etdiklərim səhihdir, – dedi. – Məmməd bəy Xudafərin körpüsünü uçurtdurmuşdu, indi, deyir, Axta xan onu təzədən tikdirir. Qoşunu üç yerə ayırıb: bir hissəsi Naxçıvan tərəfdən keçib, ələ düşən camaatı arvadlı-uşaqlı Təbriz tərəfə sürdürüb, əkinlərini də odlayıb, zay eləyiblər; ikinci qoşun Səlyanı alıb, arvad-uşağı əsir edib, kişilərin də başlarını nizəyə keçirib, şaha peşkəş aparıblar. Şahın özü Xudafərindən keçib, düz qalanın üstə gəlmək istəyir... – Yazıq Talış xanı Mir Mustafa görəsən, necə oldu? – Mir Mustafa xanın özü dağlara qaçıb, arvad-uşağı isə əsir gedib. – Vay yazıq!.. Ağası bəy, İnsanın gərdişi-dövrandan zəhləsi gedir. Bu qədər də zülm olarmı?! Ellər, uluslar əldən getdi!.. Ağası bəy köksünü ötürərək: – Hələ harasıdır, – dedi, – camaat əkinlərini buraxıb, baş götürüb, dağlara tərəf çəkilir. Rəvandan tutmuş övlağa qədər kəndlər xaraba haldadır; hamı pərə-pərən olub, dağılıb... Bunun dalı aclıqdır... Vaqif başını aşağı salıb, barmağındakı əqiq üzüyü fırladırdı. Onun daima şənlik saçan üzündə indi dərin yas ifadəsi vardı. Ağası bəy də susmuşdu. Birdən Vaqif başını qaldırıb, huşsuz bir halda Ağası bəyə tərəf yönəldi: – Xan ha tərəfə getdi? – deyə soruşdu. – Tuğ tərəfə gedib. İrakli xanın göndərdiyi qoşun ilə birləşib, Araz qırağına enməlidir. Əgər Məmməd bəy Xudafərinin yenidən salınmasına mane ola bilməzsə, deməli, labuddən vuruşma olacaq. Çətini Araz qırağını saxlamaqdır. Bu baş tutmasa, Qalanın ətrafına çəkilmək lazım gələcək. Başqa çarə yoxdur. Vaqif yenə düşüncəyə daldı. Sonra nikbin bir təbəssümlə: – Qələt eləyir. Qalaya bata bilməz, – dedi. Ağası bəy mətin səslə: – Mən də elə güman edirəm, – dedi. – Şəhər möhkəmdir: topumuz da onunkundan az deyil. Vaqif ilə Ağası bəyin söhbəti bir saat daha davam etdi. Nəhayət, Ağası bəy gedib, Vaqifi tək buraxdı. Günəş qüruba tərəf əyilmişdi, otaq sərinləmişdi. Lakin Vaqifin bundan xəbəri olmamışdı: hadisələr və ailə həyatı onu o qədər düşündürməyə başlamışdı ki, günün nə çağı olduğu zənninə belə gəlmirdi. Arvadı Qızxanım sabahdan bircə dəfə onun yanına gəlib, xala xətrin qalmasın deyə ərinin halın soruşub, yenə çəkilib getmişdi. Indiyə qədər Qızxanımın vəfasız hərəkətlərinə əhəmiyyət verməyən Vaqif indi xəstə yatağında inciməyə başlamışdı. O indi həm öz ailəsinə, həm məmləkətə və onu idarə edənlərə qarşı məyus bir vəziyyət almışdı. Sanki o, dünyaya yenicə gəlmiş bütün İnsan əməllərini bir tərəziyə qoyub çəkmiş və nəticəsində kədərlənmişdi. Artıq ruhunun heç bir guşəsində nəşə deyilən şey qalmamışdı. Bu əhvalı-ruhiyyə ilə o, lələni çağırıb, kağız və qələmdan istədi. Zəif əli ilə yazdı: Mən cahan mülkində mütləq doğru halət görmədim, Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim, Aşinalar ixtilatında sədaqət görmədim, Beyətü-iqrarü-imanü-dəyanət görmədüm. Bivəfadan, lacərəm, təhsili-hacət görmədim... Qələm tez-tez qələmdandakı davata batırılıb, kağızın üzərində dolaşır sətir-sətir dalınca doğur, qəmli şairin ürəyini yüngülləşdirirdi. Nəhayət, son bəndə yetişdi, əvvəl köksünü ötürdü, sonra dini duyğulara qapılaraq təsəlli tapdı: Baş ağardı, ruzigarım oldu gün-gündən siyah, Etmədim, səd heyf kim, bir mahi-ruxsarə nigah, Qədir bilməz həmdəm ilə eylədim ömrü təbah. Vaqifə, ya rəbbanə, öz lütfünü eylə pənah. Səndən özgə kimsədə lütfü-inayət görmədim. Vaqif şeiri bitirib, gözlüyü gözündən çıxardı. O indi əzablı dərdlərdən bir az xilas olmuşdu. Lakin qəlbindəki dərdi acı bir həsrət əvəz etmişdi; bu Mədinə həsrəti idi. 9 Arandan qaçıb, gələn köç yolları və şəhərin ətrafındakı dağ və təpələri doldurmuşdu. Topxanadan tutmuş Datələbə qədər hər yerdə alaçıq qurulub, qoyunquzu bir-birinə qarışmışdı. Atların kişnəməsi, qoyun-quzunun mələşməsi, inək və camışların böyürməsi İnsan səsküyünə qarışaraq qorxunc, eyni zamanda da dərdlibəlalı bir uğultu təşkil edərək, yer-göyü nalələrlə doldururdu. Hər kəs qorxu və əndişə içində idi. El-oba yerindən oynamış, taxıl biçilməmiş, qara-qayd xalqın canını almışdı. Şəhərdə, öz evində oturanlar gözəlcə bilirdilər, arvad-uşaq əlayaqda gedəcək, başlar nizəyə taxılacaq, qan su yerinə axacaqdır. Belə qarışıqlıqda haqq-nahaq axtarılırdımı? Həmişə qurunun oduna yaşlar da yanırdı. Vaqif hələ xəstə idi, lakin baş verən hadisələri ona xəbər verib, məsləhətini soruşurdular. Çaparların Şişəyə gətirdiyi xəbərlər çox da düz olmayırdı: hələ indiyə qədər Araz qırağından səhih bir xəbər gəlməmişdi; kimi qalibiyyətdən, kimi məğlubiyyətdən dəm vururdu. Qorxmuş qaçqınlar az qala şahı Ağdamda görmüşdülər. İbrahim xanın oğlu Əbülfət ağanın gəlməsi Vaqif üçün bəzi məsələləri aydınlaşdırdı. Ən əvvəl xanın şəhərə döndüyünü və onu Vaqifin halını soruşmağa göndərdiyini bildirdi. Vaqif razılıq edib dedi: – Ağa, işlər nə günədir? Əbülfət ağanın gənc və yaraşıqlı çöhrəsi tutuldu: – Axund, şah Arazı keçib, dava da olmuşdu. Bizimkilər dayana bilməmişlər: dörd-beş min qırx minin qabağında nə qayıracaq ki, Vaqif məsələnin çox ciddi olduğunu duyub, bir daha sual verməyə cəsarət etmədi. Lakin Əbülfət ağa məyus bir səslə sözlərinə davam edirdi: – Ağamı yandıran o deyil, Axta xan bizə düşməndir, bunu bilirik. Dərd Cavad xan dərdidir. Bu məlun Məlik Məcnunu da yanına salıb, şahı pişvaz etməyə gedib. Bir tərəfdən də o ağamın qoşununa hücum edib. Ağamı yandıran da budur. Indi ağam elə qəzəblidir ki, söz belə demək olmur. Yenə siz, axund, naxoş olmasaydınız, gəlib bir çarə tapardınız. Onun çəmini siz yaxşı bilirsiniz. Vaqif heyfsilənərək: – Məni də ki, – dedi, – bu andır azar tərpənməyə qoymayır... Xanın qəzəblənməsinin nə olduğunu Vaqif gözəlcə bilirdi, odur ki, Əbülfət ağa getdikdən sonra belə məsələni yadından çıxara bilməyirdi. Bu anda Ohan keşiş başı alovlu gəlib çıxdı. – Ay canım, sən də azara vaxt tapdın, işlər heç də xoşuma gəlmir. Bu köpək Məcnunun şaha qahmar çıxması xanı qəzəbə gətirib, yenə qan olacaq, görürəm. Amandır, axund, bir çarə! Ohan hirsindən bir yerdə otura bilməyib, otağı dolaşır, arabir iki əli ilə dizlərinə vurub, öz-özünə: Yetim qızsan büzül yat, – axı deyən gərək, köpək Məcnun, sənə dava nə yaraşır! Axı türk yaxşı demiş ki, at təpiyinə at dözər. Bu şahla xan davasıdır, sən niyə özünü oda soxursan!? Ohan öz-özünə deyinib axırda burunotu çəkib sakit oldu: – Axund, sənə qurban olum, məsləhətin nədir, axır bilirsən ki, hirsli başda ağıl olmaz! Vaqif düşüncədən aralandı: – Mirzə Ohan, – dedi, – elə sən gəlmədən əvvəl mən bunu düşünürdüm. Bilirəm ki, xanın qəzəblənib, camaatı asıb-kəsməsi hər şeydən əvvəl xanın özünə mənfəət deyil: düşmən qapıda, içəridə də bir tüğyan baş verərsə?.. Buna türklər: eşşəyə gücü çatmayıb, palanı toqqaşlamaq deyərlər. O ki, qaldı xanı sakit etməyə... Bircə çarəm var. Ohan bir şey kəşf etmiş kimi cəld Vaqifə yanaşdı: – De görüm, başına dönüm! – deyə cavaba müntəzir olaraq yerində durub qaldı. Vaqif gülümsündü: – Yenə bu işə şərbaf Kazım yaxşıdır. – Necə? – Lalın dilini anası bilər, – Kazım xan-bəylə çox oturub-durub, bir şey söylər, xanın kefi açılar. Ohan təlaşla: – Bəs nə durmusan? – dedi. Lələ çağırılıb, Kazımın dalınca göndərildi. Lələ gedib-gəlincə Vaqifin həyəti camaatla doldu: yenə adamları zindana atılanlar rica və məsləhətə gəlmişdilər. Dışarıdan gələn arvad hönkürtüsü Vaqifi pərişan hala gətirirdi. Kazım gəlib çıxdı. Qolları çirməkli və əlləri palçıqlı idi. Vaqif gülümsünərək: – Ay Kazım, – dedi, – yenə kəmiltifat olmusan, nədi, yoxsa əlin böyüklər ətəyinə yetişib? Kazım qəhqəhə ilə güldü: – Axund, – dedi, – mənim yox, böyüklərin əli mənim ətəyimə yetişib. Allahqulu ilə məni aparıb, xəndək qazdırırlar. Görürsən, darayı əvəzinə indi səngər toxuyuram. Kazım sözünü bitirib, yenə qəhqəhə ilə güldü. Vaqifi və Ohanı da ürəkdən gülməyə vadar etdi. Vaqifin gülməkdən gözləri yaşarmışdı, yastığın altından dəsmalını çıxarıb, gözlərini sildi. Bığ və saqqalını sığallayaraq məsələni Kazıma açdı. Kazım yerindən dik atıldı: – Amandı! – dedi, – məni də Xanməmməd ağa yolu yollandırma! Yazığam, balalarım var! Vaqif onu yumşaltmağa çalışdı, camaatın ağır vəziyyətdə olduğunu, günahsız qan töküləcəyini söyləyib, qəti səslə: – Qorxma, – dedi, – dalında durmuşam, balalarının, əyalıyın yanında mən zamın. Başından bir tük əskik olmağa qoymaram. Kazım əlini sinəsinə söykəyib dərin-dərin düşüncədən sonra razı oldu: – Axund, uşaqlarımın canı sənin amanatın! – deyib, köksünü ötürərək çıxıb getdi. Kazım İbrahim xanın sarayını heç görməmişdi, saraylar onda bir qorxu doğurduğundan, həmişə oradan gen qaçardı. Bu dəfə məcburiyyət onu çəkib gətirmiş, qorxu artıq nəzərinə belə gəlməyirdi. “Hər nə olacaq-olacaq”, – deyə təvəkkülə bel bağlamışdı. Kazım divan otağında dizi üstə oturmuş müqəvva kimi adamları gördükdə özünü itirdi. Yuxarı başdakı xan və yanındakı qırmızı paltarlı cəlladlar gözünə çarpar-çapmaz əti ürpəşdi, gözlərini səqfə, güzgü parçalarından yapılmış nəqşlərə çevirdi. Salam verib- verməməsindən heç özünün də xəbəri olmadı. Xanın qəzəbli səsi otağı titrətdi: – Salamı kimə verdin? – deyə xanın vahiməli gözləri Kazıma yamandı. Kazım qorxu zəncirindən xilas olub, ayılan kimi oldu, gülümsünərək xanın üzünə baxıb dedi: – Xan sağ olsun, izin ver, bir məsəl çəkim. Bir gün Bəhlul Danəndə qarğıdan özünə bir at qayırıb yolda çapırdı. O, üç mollaya rast gəlib, salam verdi, keçdi. Mollanın biri dedi, salam mənə idi, o biri dedi, mənə idi. Aralarında dava düşdü. Dedilər, davaya nə hacət, gəlin Bəhlulun özünü çağıraq, soruşaq görək salamı kimə verib. Bəhlulu çağırdılar. Soruşdular. Bəhlul dedi ki, salamı ən axmağınıza verdim. Mollalar yenə razı qalmadılar: bu dedi, mən axmağam, o dedi mən axmağam... Yenə Bəhlulsuz keçmədi. Bəhlul dedi, siz axmaqlığınızı söyləyin, mən deyim salamı kimə vermişəm. Mollanın biri başladı: – Mən, – dedi, – məktəbdə dərs deyirdim. Tələbələr məni zara gətirib yormuşdular. Nə ölüb qurtarırdım, nə də azarlayırdım ki, bir az dincəlim. Bir gün evə gəldim, gördüm arvad taxçaya bir nimçə küftə qoyub. Küftənin birini orduma sığışdırıb, ah-zar eləməyə başladım. Arvad gəldi ki, nə var, dedim, ordum şişib, ölürəm. İstədi baxsın, çığırıb qoymadım. Məni yorğan-döşəyə uzandırıb, cərrah çağırdılar. Cərrah gəldi, neştəri çıxardıb, ordumu yardı, küftənin düyüsünü və ləpəsini bir-bir çıxardı. Dedi çirk eləmiş imiş, bir az da tez üstünə düşməsəydik, öləcəydin. Xülasə, bu əməliyyatdan sonra doğrudan xəstələnib, iki həftə yatdım. Bəhlul üzünü ikinci mollaya çevirib dedi: “Bunun axmaqlığını bildik, indi sən özününkünü nağıl elə!” ikinci molla başladı. – Mən də məktəbdə dərs deyirdim. Məktəbin bir iri su küpü vardı. Bir gün tələbələrdən birinə dedim, bir parç su gətir içim. Tələbə küpə yaxınlaşdı, başını içəri sallayanda, – “Ay molla küpdə bir adam var!” – deyə qışqırıb geri qaçdı. Uşaqların hərəsinə bir çubuq verdim, küpə yaxınlaşdıq. Yavaşca başımı salladım, gördüm küpdə, suyun içində bir molla var. Dedim: “Uşaqlar, bu molla burda düz iş üçün gizlənməyib, yəqin bir xatakünlüyü var. Mən küpə girib onu yuxarı qaldıracağam, başı çələ çıxan kimi siz çubuqdan döşəyin!” Girdim küpə, gördüm heç kəs yoxdu, demə öz əksim suya düşmüş imiş. Istədim çıxım elə başımı çölə çıxaran kimi tələbələr başıma çubuqdan döşədilər. Axırda qonşular səsimə gəlib məni küpdən çıxardılar. Bu vəqədən azarlayıb iki həftə yatdım. Bəhlul üçüncü mollaya yönəldi: – Sən de görək! – dedi. Üçüncü Molla başladı: – Mən də müdərris idim. Məktəbdə belə bir qayda qoymuşduq; biri asqıranda, hər kəsin əlində nə olsaydı, yerə salıb əl vurardı. Bir gün tələbələri yığıb, şəhərdən çölə seyrə aparmışdım. Hava çox isti idi. Tələbələr susuzladı. Su axtardıq, tapmadıq. Axırda bir kor quyuya rast gəldik. Dedik, qurşaqlarımızı açaq, bir tələbənin belinə bağlayıb sallayaq, quyudan su çıxarsın. Tələbələr o qədər qorxaq idi ki, heç biri razı olmadı. Əlacım kəsildi: qurşağı öz belimə bağlayıb, ucunu tələbələrə verdim, məni quyuya salladılar. Yolun yarısında idim, burnumun içi gicişdi, bərk asqırdım, bunu eşidən tələbələr qurşağı o saat əllərindən boşladılar, gundurum-gup gedib düşdüm quyunun tərkinə. On gün ac-acına orada qaldım. Bir gün oradan keçən karvan quyuya dolça sallayanda dolçadan yapışıb çıxdım. Baş-gözüm elə əzilmişdi ki, iki ay yatdım. Bəhlul dedi: – Molla, salamı sənə vermişdim! Kazım məsəli qurtaran kimi İbrahim xan şaqqıldayıb güldü. Məclisdəkilərin üzünə gün doğdu. Kazıma xələt-barat verib, saraydan yola saldılar. Dustaqlar da zindandan buraxıldı. 10 Ağaməmməd şahın Xudafərindən keçməsindən Məmməd bəyin xəbəri olmamışdı. O, üç min əsgərlə Arazın yuxarısında şahın yolunu gözləyirmiş. Çapar xəbər gətirdi ki, şah Qarabağ kəndlərini yandırır. Məmməd bəy acıqlı: – Necə yandırır? – dedi. – Ağa, Tuğ yanır, ermənilərin başları nizələrdə gedib. Kəhrizlidə adam tapmayıb, evləri yandırmışlar. Sizin imarət də odlanıb. Məmməd bəyin qan başına vurdu, hirsindən titrədi: – Səfər! – deyə çağırdı. Səfər hazır oldu. – Ağa, qulluq? – Bu saat üç yüz saz atlı götür gedək! Tez! Düşərgəyə hay-küy düşdü. Atlar yəhərlənir, qılınclar qurşanırdı. Yüyürən kim, qaçan kim, hər kəs hərəkətdə idi. Hamıdan da əvvəl Məmməd bəy hazır olub, Laçının belində yola çıxdı. Səfər çaparaq gəlib, atlıların bu saat hazır olacağını xəbər verdi. Məmməd bəy: – Səfər, – dedi, – atların tərkinə bir bağlı quru ot qoyun. Səfər, məsələni başa düşməyərək, duruxdu: – Nə üçün ki? – Sənin işin yoxdur, bağlat, sonra bilərsən. Yola çıxdılar. Axşama yaxın gəlib Hindarxın yanında toxtadılar. Şahın düşərgəsi düzdə idi: çadır-çadıra söykənmişdi; orda-burda ocaq qalanıb, tüstü çıxırdı; atlar, eşşəklər, dəvələr düzə otlamağa buraxılmışdı, otlayırdı: qoşun əhli qarışqa kimi qaynaşırdı. Uzaq yollardan ot yüklü atlılar düşərgəyə doğru gəlirdilər. Məmməd bəy gülümsünərək: – Səfər, – dedi, – bilirsən nə var? Indi biz də saymazcasına düşərgəyə girərik, elə bilərlər ki, biz də onlardanıq, ot dalınca getmişdik. Ortaya çatarıq, onatan da toran qovuşar, otları yerə atıb, birdən cumub sərbazları qırıb tökərik. Sən bizim atlıları başa sal, mənim səsim gələndə başlasınlar. Bax ona qədər özlərini o yerdə qoymasınlar ha! Səfər: – Baş üstə! – deyib getdi. Saqlı yerdə duran atlılara göstəriş verildikdən sonra hərə dağılıb, başqa-başqa yollarla düşərgəyə endi. Getdikcə düşərgədən qopan uğultu artır, adamlar daha aydın görünürdü. Orada əlvan geyimli, əlvan sifətli, əlvan dilli xalqlar vardı. Türklər, farslar, kürdlər, lorilər, ərəblər... bir-birinə qarışmışdı. Yaşlılarla bərabər cavan uşaqlar da vardı. iran torpağında əli silah tutanların hamısını buraya toplamışdılar. Məmməd bəy qotaz birçəkli, sallaq bığlı bir sərbazın yanından keçdikdə atı yavaşıtdı. Yerə qoyulmuş palana söykənmiş bu sərbaz sazı bağrına basıb, yanıqlı bayatı oxuyurdu. Ətrafına bir dəstə uzun arxalıqlı sərbaz yığılıb, dərdli-dərdli qulaq asırdı. Günəş təpənin arxasında gizlənsə də, qızartısı hələ göydən çəkilməmişdi. Üfüqlər tozanaq və bürkü içində idi. Düşərgəyə yad bir İnsan qoxusu çökmüşdü, kənardan bura gələnin ürəyi bulanırdı. Məmməd bəy atı saxladı, otu tərkindən salaraq, ətrafa bir göz gəzdirdi. Atlıları düşərgəyə yayılıb, qulaqlarını şəkləmişdilər. – Hey-hey! Məmməd bəyin səsi eşidilər-eşidilməz qılınclar sıyrıldı. Duyuqsuz sərbazlar, hürküdülmüş sərçə sürbəsi kimi, qalxıb bir-birinə qarışdılar. Qışqırıq qopdu, qoşunun içinə çaxnaşma düşdü, sərbazlar silah götürüb, bir-birinin canına düşdü. Məmməd bəy qıra-qıra geri dönür və iz itirmək üçün: “Odur oradadır, qoyma vur”! – deyə sərbazları başqa yerə sövq edirdi. Yarım saat davam edən bu vuruşmadan sonra Məmməd bəyin dəstəsi on-on beş yaralı və ölü buraxıb çəkildi. Onları iki yüzə qədər sərbaz izləyirdi. Məmməd bəy o yerlərə yaxşı bələd olduğu üçün sərbazların ağzını dərəyə çevirib, adamları ilə atdan düşdü, kolların arasına səpilərək, sərbazları gülləyə basdılar... Arxadan iranlılara yeni qüvvə gələcəyindən ehtiyat edərək, sərbazları qırıb dağıtdıqdan sonra ata minib səyirtdilər. Məmməd bəy qan-tər içində idi. Səfər də süst düşüb, onunla yanyana gedirdi. Vuruşma mənzərəsi hələ də gözlərinin qabağında idi. Gecə sərinləyir, dağlardan gələn meh onları sanki ayıldırdı. Məmməd bəy: – A Səfər, – dedi, – su olsaydı, düşüb bir əl-üzümüzü yuyardıq: bir köpək oğlunun boynundan qan fışıldayıb, hər yerimi batırıbdır. Səfər belə vuruşmalardan sonra həmişə pərt olardı: – Qabaqda su olacaq, – dedi, yenə sükuta daldı. Məmməd bəy maraqla: – Səsin kal çıxır, – dedi, – nə var? Yaralanmamısan ki? – Yaralanmamışam. Amma nədənsə adam öldürməkdən xoşlanmıram. Onların da anası, bacısı, arvad-uşağı var... yağı olanda nə olar ki! Məmməd bəy güldü: – Əşi, mən səni ciyərli bilirdim! – Ciyərliyəm. Ancaq adam öldürməyə qolum qalxmır. – Bəs sən necə qaçaq idin? – O da əlacsızlıqdan idi. Məmməd bəy düşündü. 11 1795-ci ilin yayında Ağaməmməd şah Şişəyə tərəf hərəkət etdi. Öncə gedən Mustafa xan on minlik bir ordu ilə rast gələn kəndləri dağıdır, əhaliyə qarşı olmazın zülmünü edirdi. İranlılar türklə, erməniyə fərq qoymayaraq, iki xalqın ikisi ilə də eyni müamilədə bulunurdular. Bu hərəkət türklərlə erməniləri birləşdirib, özlərini müttəhid bir halda müdafiə etməyə məcbur etdi. Onsuz da əsrlərdən bəri yana-yana yaşayan bu iki xalqın geniş kütləsi bir-biri ilə dost keçinərdi: lakin balıq başından iylənən kimi, fənalıq həmişə yuxarı sinifdən törərdi. Bu dəfə yuxarıdakılar da birləşib, əlbirliklə Ağaməmməd şaha qarşı çıxdılar. Dızaq, Vərənd, Xaçın və Tuğ məlikləri, Məmməd bəy, qardaşı Əsəd bəy və Səfər Qarqar çayının sağ tərəfindəki dağ və dərələrdən Ağaməmməd şahın qoşununa hücuma başladılar. Qala müntəzəm bir halda durub, düşməni gözləyirdi. On beş min əsgər şəhərin içində və qismən də qərb cəhətindəki dağlıqlarda yerləşmişdi. Hamıda bir ruh yüksəkliyi duyulurdu, çünki şəhərin təbii mövqeyi o qədər əlverişli idi ki, onun alınacağı heç də nəzərə gətirilməyirdi. Sübh pəlmə içində açılırdı, günəş qan ləkəsi kimi üfüqə yapışmışdı. Kazım namazını qılıb qurtarmış və qatıqla bir az çörək yeyib, küçəyə çıxmışdı. Xalq bazara gedirdi. Çiyni səhəngli qadın və qızlar şirin quyulardan qayıdırdılar. Bir uşaq çəpərin dibində quzu otladırdı. Sanki şəhərin altı-yeddi ağaclığında heç müharibə getmirmiş, həyat həmin köhnə adi həyat idi. Qapının ağzında bir daş səki vardı. Kazım hər axşam Allahqulu ilə onun üstündə oturub, söhbət edərdi. Indi də oturub, dostunu gözlədi. Çox çəkmədi Allahqulunun çal bığları qapıdan göründü: – Usta, bu gün nə tez belə? – Dedim, çıxaq görək təzə nə xəbər var. – Onda tərpən! Dostlar başmaqlarının nallarını taqqıldada-taqqıldada dar və tozlu küçələrlə meydana doğru yola düşdülər. Onlar işi olmayan və eyni yolu hər gün gedən adamlar kimi yavaş-yavaş yürüyür və çox az danışırdılar. Bunlar qiyafə etibarı ilə bir-birindən seçilməyirdi: qırxıq başlarında araqçın, əyinlərində çit qurşaqlı uzun arxalıq, ağ tuman və dabanları başmaqdan kənarda qalmış corabsız ayaqları vardı. İkisinin də əlləri bellərinin arxa tərəfində düymələnib, təsbeh çevirirdi. Meydana çatdılar. Adam əlindən iynə salsaydılar, yerə düşməzdi. Camaat bir-birini basıb irəli soxulur, meydanın ortasında nəyə isə tamaşa edirdi. Kazım ayaqlarının ucuna qalxıb, boylandısa da, heç bir şey görə bilmədi. Önündə duran şiş papaqlı bir qocaya yönələrək: – Əmi, bu nə həngamədir? Qoca gülümsündü, yeganə dişini zahirə çıxararaq dedi: – Məmməd bəylə tuğlu məlik Abbas bir xurcun sərbaz qulağı göndəriblər. Camaat kəsilmiş qulaqları görmək istəyir. Qoca sözünü bitirib, qəhqəhə çəkdi, lakin öskürək onun qəhqəhəsini yarımçıq kəsdi. Səs-küy bazarı ağzına almışdı, xalq iranlılara vurulan zərbə haqqında danışıb sevinirdi. – Zalım oğlu igiddir ha! – Atasına çəkib: Mehralı bəy igid deyildimi? – O ayrı, bu ayrı! – Yavaş, ayağımı əzdin!.. Ay həpənd, sənlə deyiləm? – Həpənd özünsən... İki adam bir-birilə vuruşurdu. Araya girdilər. Kazım Allahqulu ilə meydanı dolanıb, divanxana qabağına tərəf getdilər. Hər yer adamla dolu idi: kənd şəhərə qarışmışdı. Rastabazarda şirin alış-veriş vardı, alıcının əksəri tərəkəmə idi. Başları dingəli üzü açıq kənd qız-gəlinləri ağ çadralı şəhər qadınları içində qəribə bir mənzərə təşkil edirdilər. Burada da müharibə duyulmayırdı: xalq arandan şəhərə köçüb, hərə yamanyaxşı bir yerdə yerləşib, sanki sakit olmuş, yandırılmış yurdunu unutmuşdu. Divanxana qabağı da adi mənzərəsində deyildi. Bütün dar ağacları və işgəncə alətləri yığışılmış, cəlladlar xalqa qarışıb, orda-burda dəstə-dəstə oturaraq şirin söhbətdə idilər. Bir də qala qapısı tərəfdə bir səs-küy qopdu. Hamı yerindən dik qalxıb, ora tərəf götürüldü. Kazım ilə Allahqulu sarayın önündəki dikə çıxıb, tamaşaya daldılar: yüzlərcə at, qatır və ulaq gətirilirdi. Ətrafa səpilən xalq bu ilxını şən bir bağırtı ilə qarşıladı. Bu heyvanlar iranlılardan qənimət alınmışdı. 12 Şişənin ətrafındakı vuruşmalar üç həftədən bəri davam edirdi. Ağamməd şah Qarqar çayının sol tərəfi ilə yavaş-yavaş Şişəyə doğru irəliləyirdi. Qarqarın sağ sahili isə Məmməd bəyin əlində olub, iranlılara çox tələfat verirdi. Yer dağlıq olduğu üçün meydan müharibəsi əlverişli deyildi. Qarabağlılar xırda dəstələrlə hücuma keçib, düşmən karvanlarını qarət edir, sursat və ələfin gətirilməsinə mane olurdular. Şah bunun önünü almaq üçün Dəvəli Mustafa xanı beş min qoşunla Əsgərana və Pirqulu xanı da Məmməd bəyin üstünə göndərdi. Məmməd bəy məsələni öyrənib, adamlarını Pirqulu xanın gələcəyi yolun ətrafına topladı. Avqustun ortası idi. Hava bulud da olsa, son dərəcə xoş idi. Məmməd bəy qaya başında durub, Qarqara doğru gedən yolu süzürdü. O, zirehdə Pəhləvana bənzəyirdi. Sərt baxışı bir də xəşin şəkil aldı, sanki qartal ov görmüşdü. Uzaqdan qalxan tozun arasından İran atlıları göründü. Məmməd bəy: – Səfər, sən dəstənə tapşır, sakit oturub, gözləsin, – dedi, – mən qəflətən üstlərinə yeriyəndə, siz də daldan yolları kəsin. Səfər daldalıq yerlərlə atılıb, adamlarının yanına getdi. Məmməd bəy də qayadan enib, yan dərədəki qoşuna qovuşub atlandı. Yolun üstü iki yandan alınmışdı. Lakin iranlıların gecikməsi hər kəsi darıxdırır, hamıdan da çox hövsələsizlik göstərən Məmməd bəy idi. Nəhayət, o, Tərlanı səyirdərək yola endi, otuz-qırx addımlıqda iki atlı arxayınca söhbət edərək gəlirdi, əsil Iran qoşunu hələ uzaqda idi. Atlılar Məmməd bəyi görcək özlərini itirdilər: biri geri dönmək istədi, lakin o biri yəhərdən asılmış qutudan bir mizraq çıxarıb Məmməd bəyin üstünə gəldi. Bu adamın ovşar olduğu qiyafəsindən görünürdü. Ovşarların mizraq atmaları məşhur olduğu üçün, Məmməd bəy cəld qılıncını sıyırdı və mizraqdan göz çəkməyərək ehtiyatla irəlilədi. Mizraq ovşarın əlindən qopan kimi Məmməd bəyin qılıncı onu havada iki böldü. İkinci zərbə ovşarı atdan devirdi. Indi artıq dərə və yol nərə səsi ilə dolmuşdu. Atların ayağından qopan çınqıllar havada oynayır, toz ətrafı bürümüşdü. Pirqulu xanın qoşunu hücumu gözləməyərək özünü itirib, orabura soxulurdu. Səfər də hücuma keçəndə artıq iranlılar sınıb, geriyə doğru can atırdılar. Məmməd bəy düşməni şahın düşərgəsinə qədər qovdu. Yolda dəhşətli bir mənzərəyə rast gəldilər. Iranlılar yüzə qədər Qarabağ əsirini, qol-qıçları bağlı olaraq yerə yıxıb, xırman döyən kimi üstlərində at sürürdülər. İnsan iniltisindən sanki ətraf fəğan edirdi. Məmməd bəy Pirqulu xanın izlənməsindən vaz keçib, işgəncə dəstəsinin üstünə düşdü. Qırx-əlli adam bir dəqiqədə qılıncdan keçirilib, qulaqları kəsildi, xurcunlara dolduruldu. Məmməd bəy Qarqarın sağ tərəfində möhkəm səngərlər qurub, şah qoşununa böyük zərbələr vurmasına baxmayaraq, Ağaməmməd şah sol sahillə dağa doğru çıxıb, Topxanadan Şişəni topa basırdı. Daş və dəmir qumbaralar qalanın müxtəlif yerlərinə düşüb, xalqı həyəcana gətirirdi. Lakin bir neçə gündən sonra bu da adət olub, təsirdən düşmüşdü. Şəhərlilər dəstə-dəstə cıdır düzünə toplanıb, oradan Topxananı başdan-başa tutmuş şah çadırlarına tamaşa edirdilər. Bəzən sakitlik olur, iki tərəf də dincəlməyə və ya yeməyə dalırdı. Bir də görürdün, top atışmaları başlandı, barıt tüstüsü ətrafı bürüdü. Bu atışmadan, təbii idi ki, heç bir nəticə çıxmayırdı Topxana ilə şəhərin arasında dərin bir uçurum var idi, bunun da dibindən Daşaltı çayı axırdı. Oranı keçmək qətiyyən mümkün deyildi. Keçilsəydi belə sıldırım qayaları, şəhər barı və bürclərini almaq mümkün olan şeylərdən deyildi: on beş min igid gecə-gündüz şəhərin keşiyini çəkirdi. Qala ilə Topxananın arasındakı keçidin ən dar yeri Xəzinə qayasının önü idi. Ağaməmməd şah bura plan tökdürüb, keçmək niyyətinə düşdüsə də, bir nəticə çıxmayacağını anlayıb vaz keçdi. Nəhayət, o acığa düşüb, İbrahim xanın yanına qasid vasitəsilə bir məktub göndərdi. Qasidin gözlərini bağlayıb, saraya gətirdilər. Məktubda yazılmışdı. Zi-mənçənəqe-fələk sənge-fitnə mibarəd, To əbləhanə kirift miyanai-Şişə qərar9. Xan şahın təhqirli məktubundan sınmadı. Yanındakı Vaqifə yönələrək: – Amandı, axund, bu axta köpəyə bir yaxşı cavab yaz, – dedi. Vaqif məktubu alıb, bir də gözdən keçirdi, sonra arxasına yazdı: Gər nigahdare – mən anəst ki, mən midanəm, Şişəra dər bəğəle- səng nigah midarəd†. Vaqifin cavabı xana çox xoş gəldi. Məktubu qatlayıb, qasidə verdilər və yenə gözlərini bağlayıb yola saldılar. Bir neçə saatdan sonra şəhər yenidən topa tutuldu, bu, şahın cavabı olmasına işarə idi. İbrahim xan bütün məiyyəti ilə atlanıb, Cıdır dü- zünə çıxdı. Topxana barıt tüstüsünə bürünmüşdü. Bir az sonra top səsləri kəsildi, tüstü yavaş-yavaş uçuruma doğru enməyə və Topxana görünməyə başladı. Şah məiyyəti ilə durub, şəhərə tamaşa edirdi. İbrahim xan Xəzinə qayasının üstündə qürurla durmuşdu. Şah onu görcək cır səsi ilə söyüş yağdırmağa başladı. İbrahim xan nökərləri öyrətdi, hamı bir səslə: – Ay axta xan! Vay axta xan! – deyə bağırışdılar. Axta sözündən son dərəcə pərt olan şah qışqırdı. Yenidən atılan topların tüstüsü yenə topxananı bürüyüb, şahı gözdən itirdi. 13 Ağaməmməd şah otuz üç günlük bir mühasirədən sonra Şişəni ala bilməyib, Ağdam tərəfə, Qaratəpəyə çəkildi. Payız düşürdü. Sursat və ələf yoxluğu, heyvanların qırılması şahı olduqca ağır bir vəziyyətdə buraxmışdı. Şah qoşunundakı gəncləri ayrı, qacar ahıllarını ayrı və Azərbaycan ahıllarını da başqa bir yerə toplatdırıb, böyük bir müşavirə düzəltdi. Vəziyyətin ağırlığını anladıb, qoşunun rəyini bilmək istədi. Gənclər: “Biz əsgərik şahın əmrinə hazırıq!” – dedilər. Qacar ahılları Tehran tərəfə çəkilmək istədilər, Azərbaycanlılar isə Ərdəbil tərəfə. Şah: “Hazır olun, sabah tezdən yola çıxacayıq!” – deyə buyruq verib, çadırına çəkildi. O biri gün tezdən şah qoşunu götürüb, Gürcüstana tərəf getdi. Cavad xan da bələdçi sifəti ilə onu təşyi edirdi. İbrahim xanın casusları bu xəbəri Şişəyə gətirər-gətirməz həmən Səfərə qoşun və kisə-kisə qızıl verilib, İrakli xana kömək göndərildi. Səfər bir aydan sonra apardığı qoşunun az bir hissəsi ilə geri dönə bildi. O, Tiflisin dağılmasının şahidi olmuşdu. Kilsələr belə yandırılmış, xalq qırılmış və şah iyirmi min əsir alaraq Gəncəyə və oradan da Muğana, qışlamağa çəkilmişdi. Səfərin gətirdiyi xəbər Qarabağı yasa batırmışdı. Onsuz da vəziyyət ağır idi, iranlıların qorxusundan el dağdan arana enə bilmirdi. Qış düşür, dağda heyvan soyuqdan qırılırdı; xalq əkin əkməmişdi, olan ehtiyat qurtarır, aclıq əlamətləri yavaş-yavaş baş qaldırmaqda idi. Vaqifin fitri nəşəsi tamamilə itib getmişdi. Onun yaşı yetmişdən ötdüyünə baxmayaraq daima şən və diribaş idi. İndi isə ətrafındakı hadisələr onu əzir, ruh və cismini öldürürdü. Tiflis faciəsi onu o qədər sarsıtdı ki, neçə gün yatağından dura bilmədi, nəhayət, Açıqbaşa qarşı bəslədiyi hisslərini bir şeirlə kağıza tərk edib, rahat ola bildi. İbrahim xan da saray həyətini hər gün dolduran şikayətçilərdən təngə gəlmişdi. Camaat doğma yurduna dönmək istəyir, aclar çörək diləyirdi. Yeganə ümid Osmanlı Sultanına idi ki, bu da boşa çıxdı: Mirzə Əliməmməd ağa İstanbuldan yaxşı xəbər gətirməmişdi. Sultan Ağaməmməd şahla anlaşıb, onun Qarabağda ruslara qarşı çıxmağını təsvib edirmiş. Çıxılmaz bu vəziyyətdən qurtarmaq üçün İbrahim xan bir müşavirə çağırdı. Çox danışıqdan sonra Vaqif qısa olaraq; – Axta xandan qurtarmaq üçün təkcə bir çarə var: Urus himayəsi, – dedi. Bəzi ağalar etiraz etdisə də, xan Yekaterinaya məktub göndərilməsini təsvib edib, Vaqifə tapşırdı. Vaqifin bu səfərki məktubu adi məhəbbətnamə deyildi, bu, əməli təkliflərdən ibarət idi. Rusiyaya qaçmış Xoylu Murtuzaqulu xanın iştirakı ilə Astrabada qoşun çıxarmaq; İbrahim xana on iki min qoşun göndərib, Naxçıvan yolu ilə Irana keçmək; İrakli xanın Iravanı tutması başlıca təkliflərdən idi. Vaqifin yazdığı məktub Qafqaz xəttindəki baş komandan Qudoviçin vasitəsi ilə Yekaterinaya göndərildi. 1796-cı il, yanvarın sonunda bu məktub Peterburqa çatdı. Bunun nəticəsi olaraq Qızlar qalasına qoşun yığılması əmr olundu və qraf Zubovun komandası altında yeni bir Qafqaz səfəri başlandı. 14 Vaqif Mirzə Əliməmməd ağa ilə rəsmi olaraq sarayda görüşmüşdü. Bu dəfə Qızxanımla bərabər onun ailəsinə gözaydınlığı vermək üçün getdi. Mirzə Əliməmməd Vaqifi gözəl döşənmiş səliqəli otağında qəbul etdi. Otağın bir tərəfini cürbəcür gül və çiçək çəlləkləri tutmuşdu. Sarmaşıqlar tavana sarılıb, gözəl bandaqlar əmələ gətirmişdi. Bitkilərin arasından qəfəslər asılmış və içlərindəki sarı və başqa bülbüllər cəh-cəh vururdular. Bahara az qalmışdı. Dışarıda qalın duman olduğu üçün pəncərənin rəngli şişələri sönük görünürdü. Buxarı yanırdı. Vaqif dostu ilə qarşıqarşıya oturub söhbətə başladılar. Vaqif dedi: – Seyid, İstanbuldan gətirdiyin sovqatların məni sənə borclu eləyir. Elə gecə-gündüz şairlərin divanı ilə vaxt keçirirəm. Amma yaxşıca səyahət etdin. Mirzə Əliməmməd ağa məmnun bir halda: – Axund, – dedi, – aləmlər varmış, bizim xəbərimiz yox. Biz də bu dağın başında oturmuşuq, deyirik bəs bir şey görmüşük. Vaqif xısın-xısın güldü: – Mən bilirdim ki, sən səfərdən sonra buralara sığmayacaqsan. – Sığılarmı? Çox nisgilləndim, dedim bircə axund burada olaydı, bir yerdə qayıq seyrinə çıxıb, Boğaz içini gəzəydik. Qüvveyi-natiqə onun təsvirindən acizdir. Dəniz firuzə, göy firuzə, ətraf şumal minarəli məscidlər, saraylar, imarətlər... İnsan baxdıqca baxır, doymaq bilmir. Axund, ayrı büsatdır!.. Vaqif dostunun üzünə heyran-heyran baxır, həyəcanından nəfəsi tutulurdu: – Padşahın özünü gördünmü? – deyə sordu. – Gördüm! Padşah qayıq seyrinə çıxmaq istədikdə bir gün əvvəl camaata xəbər verirlər. Bir gün getdim. Gözəl hava idi, hər yer adamla dolmuşdu. Boğazda Qız Qalası var, oradan top atılanda bildik ki, gəlir. Dəryanın kənarında adam-adamı basır, hər kəs Sultanı görmək istəyirdi. Bir də altı sandal göründü. Içlərində yüzdən yuxarı içoğlan vardı. Bunlar saray nökərləridir, kürək çəkirlər. Bu içoğlanlar elə geyinirlər ki, baxanda adamın gözləri qamaşır. Bu altı sandal yol açmaq üçündü. Sonra padşahın sandalı gəlir. Arxasında yenə altı sandal olur. Padşahın sandalında ayrı cəlal var! Adına “Sarıq sandalı” deyirlər. Orda mənə bir mehmandar qoşmuşdular, o hamısını mənə nağıl eləyirdi. Orada qayda imiş: padşahın bacıları lətif şal toxuyub, bayramlarda padşaha sovqat gətirərmişlər. Bu şal “sarıq sandalı”na döşənərmiş. Sandalın dörd qırağı gümüş sürahidir, üstündə də dörd gümüş sütunlu bir köşk qurulmuşdu. Hər tərəfinə ətrafı zəncirəli qırmızı mahud çəkilmişdi. Nə bəzəklər, nə naxışlar işlənmişdi. Nə incilər düzülmüşdü!.. Padşah ipək yastıqlara söykənmişdi. Sarığının daş-qaşı göz qamaşdırırdı. Vaqif maraqla: – Camaat baş əyirmi? – Necə əyməz! Boğazın o tay-bu tayı iki qat olur. Hər kəs qorxusundan tir-tir əsir. “Sarıq sandalı”nın dalınca bir sandal da gəlir, onada hərəm ağaları və onların böyüyü – qızlar ağası minir. Dedilər, ən qorxulacaq adam bu qızlar ağası deyilən imiş. Padşahın bütün hərəmi ona baxır. Ağaməmməd şah kimi o da axtadır. Elə acıqlıdır ki, üzünə baxanda adamı vahimə basır. Deyirlər sarayda nə istəsə arvadların vasitəsilə edə bilər. Padşah da onun əlində oyuncaqdır. Vaqif yenə güldü: – Sarban ilə dost olanın darvazası gen gərək! Yaxşı ki, sarban dostumuz yoxdur. Mirzə Əliməmməd də güldü. Lələnin qəhvə və çərəz gətirməsi söhbəti kəsdi. Çərəzin içində qara xurma və Izmir ənciri də vardı. Bunları Mirzə Əliməmməd İstanbuldan gətirmişdi. – Çifayda, elə şey gətirmisən ki, mənim dişimin malı deyil, – deyə, – Vaqif nimçədən bir əncir götürdü. – Yaxşı, seyid, bəs səni kim qəbul etdi? Mirzə Əliməmməd ağa ciddi bir sima taxınaraq: – Onların, – dedi, – hökuməti oturan yerə “Babi ali” deyirlər. Ora getdim. Bir məmurla danışdım. Çıxıb o biri otaqda kiminləsə məsləhətləşib gəldi və məsələnin baş tutmayacağını bildirdi. Amma yaxşı hörmət göstərdilər: mənzil verdilər, hər yeri gəzdirdilər, cümə günü səlamliyə apardılar. “Səlamlıq” padşahın məscidə namaza getməsinə deyirlər. Ancaq nə padşahla, nə də vəzirlərlə görüşə bilmədim. Dedilər, Iran şahı ilə dostluğumuz var, onu rəxnədar etmək istəməyirik. Məsələ belə oldu. Bilirsən, onlar iki dəfə Yekaterina ilə dava etmişlər, çox adam qırılıb, deyirlər, xəzinə də boşdur. Urusla bir də üz-üzə gəlməyə taqətləri qalmamışdır. İndi ümidləri şahadır. Deyirlər, bəlkə o, urusların Qafqaza gəlməsinə sədd çəkə. Vaqif düşünürdü. Mirzə Əliməmməd də bir az düşünüb, sükutu pozdu: – Şah Muğandan çəkilib getdi. Görəsən bir də gələrmi? – Gələcək! Şübhəsiz! İranda yenə bir tüğyan baş verib, onu yatıra bilsə, öldürülməsə, yazı gözünün altına al! – İndi xanın tədbiri nədir? – Cavad xanın burnunu ovmaq! İrakli xan qoşun yığır. İbrahim Xəlil xanla Ömər xan da hazırlaşır. Bu günlər tərpənəcəklər. Urus qoşunu Dərbəndə çatana kimi Gəncə alınmalıdır. Söhbət get-gedə qızışdı. Bir az sonra Saatlı Mirzə Məmmədqulu da gəldi. Bu, Vaqifin yerlisi olaraq, çoxdan Qarabağa köçənlərdən idi. Sarayda müəyyən vəzifələr daşıyırdı. Vaqif onu çoxdan görmədiyi üçün çox sevindi: – Yerli, – dedi, – kəmməhəlsən! Imarətdə görüşdük, görüşdük; görüşməsək, heç bir deməzsən görüm aşıq necə oldu. Mirzə Məmmədqulu üzr istədi, çox vaxt kənddə olduğunu söylədi: – Şah getmiş ikən bir az da əkin – biçinə baxmalıyıq, yoxsa işlər xarabdır. Vaqif təsvib edici bir gülümsəmə ilə: – Vallah, qoçaqsan, hər işdə barmağın var! Içinizdə ən fərsizi mənəm, oturduğum evdən başqa gümanım heç bir şeyə gəlmir. 15 İrakli oğlu Aleksandrın komandası altında Gəncəyə qoşun göndərmişdi. Gəncə üç ay idi ki, mühasirədə idi. Lakin gürcü qoşunu get-gedə qaçıb dağılırdı. Çünki sursat bitir, silah yox, qoşunun ayağı belə yalın idi. İraklinin xəzinəsi boşalmışdı, qoşununu heç bir cəhətdən təmin edə bilmirdi. Zatən, Gəncə səfərindən başlıca məqsədi Cavad xanı itaətə gətirib, bac almaq və maddi vəziyyətini düzəltmək idi. İbrahim xanla Ömər xan qoşun ilə Gəncənin üstünə gəldikdə orada yüzcə gürcü qalmışdı. Qarabağ və Avarıstan əsgərləri yetişər-yetişməz vəziyyət dəyişildi: bağlarda səngər qayıran gəncəlilər qalaya doğru çəkilməyə başladılar. Gəncə çargül bir hasara malik idi. “Qarabağ” və “Tiflis” adlı iki qapısı və qərb tərəfdə bir bürcü vardı. Qalanın mərkəzini kərpic tikili xan sarayı, narın qala və məscid təşkil edirdi. Qarabağ qapısına yaxın yerdə bir quyu var idi ki, şəhərə su verirdi. İbrahim xan Gəncə qalasına bələd olduğu üçün qoşunu ilə Gəncə çayını keçib, topları düzdürdü. Bir-iki top atəşindən sonra qoşun hücuma keçdi. Barılar qumbaraların zərbindən deşik-deşik olmuş, aman səsi göylərə çıxmışdı. Bir qədər sonra Qarabağ qapısının üstündə ağ ələm göründü, bu amana gəlmək əlaməti idi. Buyruq verildi, hücum dayandırıldı. Qala qapısı açıldı, əlləri duz-çörəkli ağsaqqallar heyəti iki qat olaraq İbrahim xanın hüzuruna gəldilər. Əlində quran tutmuş bir qoca: – Xan sağ olsun, – dedi, – müsəlman qanı tökülməyə hərgiz razı olmazsınız. Nə əmriniz olsa, nökərçilik etməyə hazırıq. İbrahim xan hirsli: – Cavad xanın özü hanı! – dedi. Ağsaqqallar üzr gətirdilər, müqəssir olub, üzə çıxmağa utandığını söylədilərsə də, xan razı olmadı. Nəhayət, əlac kəsilib, Cavad xanın özü gəlməyə məcbur oldu. Yerə qədər əyilərək təzim edir, şaha köməyə getməklə böyük səhv etdiyini irəli sürərək, günahını yumaq üçün hər bir cəzaya razı olduğunu söylədi. İbrahim xan Ömər xanla məsləhətləşib, çadıra çəkildilər. Cavad xan da oraya gəlib, müzakirəyə başladılar. Qaliblər böyük bacdan başlayıb, yavaş-yavaş güzəştə getməyə məcbur oldular. Cavad xan yalvardı, verə bilməyəcəyini irəli sürdü. Axırda İbrahim xana on beş min manat pul, oğlunu zaval və bacısını hərəmə verməyə razı oldu. Qarabağ xanı pulu və zavalları alıb sakit oldu. Ömər xan da hər əsgərinə qırx qızıl alıb Gəncədən çəkiləcəyini bildirdi. Barışıq xəbəri ətrafa yayılmışdı, xalq tökülüb gəlir və uzaqdan çadırı çevrələyirdi. Nəhayət, bir dəstə ayrılıb, İbrahim xanın yanına gəldi, ayağına döşəndi: – Xan sağ olsun, bizi balalarıyın başına çevir! Xan heyrətlə: – Nə olub? – dedi. – Xan, əyalımız neçə aydan bəri qalada əsirdir, – dedilər. İş-gücümüz tökülüb qalır, körpələr də ələm-yesir kökündədir! İbrahim xan məsələni soruşub bildi. Bəlli oldu ki, Cavad xan kəndlilərin tüğyan etməsindən qorxaraq, kəndlilərin arvadlarını qalaya girov gətirmiş imiş. İbrahim xan da müstəbid idi, xalqa olmazın zülmün edərdi, lakin arvadları zaval gətirmək ağlına gəlməmişdi. Qalibiyyət ona bir alicənablıq bəxş etmişdi, bundan istifadə edərək arvadların buraxılmasını Cavad xana tapşırdı: – Bu qədər zülm olurmu? – dedi. Cavad xan utandı. O dəqiqə adam göndərib, arvadları buraxdırdı. Qala qapısından çıxan min beş yüzə qədər arvad ərlərinə və övladlarına rast gələrək hönkürtü qopardılar. Bir çoxlarının ürəyi gedib, yerə yıxıldı. Bu cansıxan mənzərənin şahidi olan bir çox əsgər belə doluxsunub ağladı. Barışıq olub bitmişdi. İbrahim xan dönüb Qarabağa getmək istərkən İrakli xan yeni toplanmış qoşunla gəlib Gəncəyə çıxdı. İbrahim xanla görüşdülər, məsələni anlayıb hiddətlə: – Barışıq oldu? – deyə sordu. İbrahim xan dedi: – Oldu. Cavad xan zaval verib, canını qurtardı. Bundan sonra bir də Irana ümid bağlasa, oğlu cəllad əlində qalacaq. – Bəs mən? İbrahim xan İraklinin bac almaq meylində olduğunu anladı. Ehmal səslə: – Bilirsən, – dedi, – İrakli xan, bir başa iki yumruq cəbrdir. Cavad xanın da işləri yaxşı deyil. Bu il mədaxili olmamışdır. İrakli hirsindən titrədi: – Mənim də şəhərim dağılıb, adamlarım qırılıb. Iravan Axta xanda, Qazağı və Şəmsəddini də şah məndən ayırıb, Iravana yapışdırdı... İbrahim xan dinmədi. İrakli bir az deyindi. Nəhayət: – Zərər yoxdur! – dedi, – urus gələr, hər şey düzələr: onda Qarabağı da səndən alıb, mənə verər! İraklinin hədəsi İbrahim xanı sarsıtdı. Yenə köhnə şübhə onda baş qaldırıb, ruhunu əzməyə başladı. Cavad xan İraklini razı buraxmaq üçün, Ağaməmməd şahın gətirib Gəncədə buraxdığı dörd yüz gürcü əsirini yığdırıb, ona təslim verdi. Buna baxmayaraq yenə də İrakli xan pərt bir halda Tiflisə qayıtdı. 16 Ağabəyim ağa bu gün yataqdan dışarı çıxmamışdı. Nazlı onun yanını kəsib əyləndirməyə çalışırdı: mücrüsünü açıb, zinətlərini göstərib, paltarlarının səliqəsindən danışırdı, lakin Bəyimi maraqlandıra bilməyirdi. Bəyimin bütün fikri Gəncə mühasirəsində yaralanmış Məmməd bəyin yanında idi: – Yarası, deyirsən, çiynindəndir?.. Qolu şikəst olmaz ki? Nazlı təkrar təsəlli verərək: – Yox, iki gözüm! – dedi. Nahaq yerə xiffət eləyirsən! Heç bir şeyi yoxdur; onun kimi igidə bir xırda yara nədir ki! Ağabəyim ağa düşüncəli bir halda mücrünün qapağını örtdü: – Sən gedəndə onu necə gördün? Oturmuşdu, yoxsa uzanmışdı? – Bəyim, yatağında oturmuşdu. Kağızı verdim, gülümsünə-gülümsünə oxudu, dedi, sağ olsun, heyf ki, cavab yaza bilmirəm. Bilirsən, Bəyim, sağ qolu boynundan asılıdır. Cərrah açmağa qoymur. Yoxsa, şükür yaradana, nəyi var ki. Dilim-ağzım qurusun, bir şey olsaydı, otura bilərdimi? Ağabəyim ağa dinləyir, bəzən gülümsəyir, lakin qəlbini gəmirən şübhədən qurtara bilməyirdi. Anası Tutubəyim ağanın içəri girməsi onu dərddən daşındırdı. – Ay qız, yenə nə olub? – Heç, ana, kefim yoxdur! Tutubəyim əndişə ilə əlini qızının alnına qoydu, üzünə diqqətlə baxdı və gülümsünərək: – Nazlanırsan, bir şeyin yoxdur! – deyib, Ağabəyimin yanağından öpdü. Ağabəyim bu ansızın öpüşdən diksinib, qıpqırmızı kəsildi. Qanrıldı, anasının üzünə baxdı, kədərli gözlərində yaş parladı. Tutubəyim onu qucaqlayıb, yanında oturtdu: – Eh, qızım, qızım! – deyə köksünü ötürdü, – hərənizin dərdini bir cür çəkirəm. Böyük bacın Tubunu verdik, dedik yarıdı, əri gedib, Gəncədən üstünə bir günü gətirib, indi evdə gündə davadır. Özü ikicanlı, zəif, xiffət eləməkdən bət-bənizi qaçıb. Sən niyə xiffət eləyirsən, bilmirəm. Eh, ana olarsan, onda mənim çəkdiklərimi bilərsən!.. Ağabəyim ağa anasına sığınaraq həzin-həzin ağladı. Tutubəyim ağa qızının dərdini bilirdi, lakin üzə vurmurdu, çünki Məmməd bəylə yarıyacağına inanmırdı: – Eh, qızım, bilmirəm səni necə başa salım... Qız başının ağrısını bilməz! Sənin ağzından hələ süd iyi gəlir, sən elə bilirsən ərə gedən ağ günə çıxır... Yox qızım, yanılırsan, qızın dərdi birsə, ərə gedəndə min olur. Eşitməmisənmi: İndi bax mən o çulam, ayaqlar altına düşmüşəm. Atan heç bilmir, mən dünyada varam, yoxsa yox. Bir müddət Hacı Kərimin qızına uydu, indi də Gəncədən təzə gətirdiyi bacıma uyub... Eh, gecələr yatağıma qor dolur, səhərə kimi yanıram... Tutubəyim ağanı qəhər boğdu. 17 Zubovun komandasındakı ordu Dərbəndi alıb, Şirvan torpağına keçmişdi. Xanların nümayəndələri onu təbrikə qoşurdular. Şirvan, Şəki, Gəncə, Iravan, Xoy, Qaradağ, Naxçıvan, Talış, Təbriz, Şahsevən və Şəqaqi xanları İbrahim xanın məsləhətinə görə rus himayəsinə keçməyə böyük arzu göstərirdilər. Lakin İrakli xanın Gəncədəki hədəsi İbrahim xanda bir tərəddüd və şübhə oyandırmışdı. Rus komandanlığının Qarabağ xanlığını ləğv edib və orada Rusiyaya tabe bir erməni əyaləti düzəltmək ehtimalı ona rahatlıq vermirdi. Məsələni yoxlamaq üçün Mirzə Əliməmmədi Şirvana göndərdi Mirzə Əliməmməd Şirvana gəldikdə ora hökmdarı Mustafa xanı təlaş içində gördü. Mustafa xan Qarabağ vəkilinə dedi: – Məsələ bizim zənn elədiyimiz kimi çıxmadı: burada açıqdanaçığa nəsəra və müsəlmanlıq düşmənçiliyi görünür. Qızılayaq10Dərbənddən çıxandan sonra erməni mahrasası Yusif ora gəlib çıxır. Bilirsən, bu bütün Rusiya ermənilərinin baş keşişidir. Uruslar bura ermənilərini əldə saxlamaq üçün ona çox hörmət edirlər. Mahrasa Yusif başlayır Dərbənddəki bir ovuc ermənini müsəlmanların üstünə qalxızmağa. Ortaya yenə biabırçılıq düşür. Müsəlmanlar yaranal Savelyevə şikayətə gedir, Dərbənd naibi Xıdır bəy naiblikdən çıxmaq istəyir. Qızılayaq görür ki, müsəlmanlar tüğyan edəcək, urus qoşununun işi xarab olacaq, Yusifi yanına çağırıb, məzəmmət eləyir, Xıdır bəyə də tapşırır ki, naibliyində otursun... Görürsən, hələ məscid tikilmədən kor hasasını dayayıb! Mirzə Əliməmməd gördü ki, İbrahim xanın şübhəsi yersiz deyilmiş. Dedi: – İndi fikriniz nədir? Axır vaxtlar bir az aramız soyumuşdu. Bu yaxşı iş deyil! Xanın da fikri budur ki, dost olaq, çünki mənafeyimiz bunu tələb edir. Mən Şəkiyə gedib, Səlim xanla da görüşəcəyəm. Səlim xan İbrahim Xəlil xanın qaynı ola-ola bir az sərkəşlik edir. Bu da yaramaz bir işdir. Ortalıqdan ziddiyyəti qaldırmalıyıq. İbrahim xan dünya görmüş bir adamdır. Özünün də xanlar arasında hörməti çoxdur. Onun məsləhəti hamımız üçün mənfəətlidir. Mustafa xan hər kəsdən artıq rus ordusuna yaxın və bu ordunun hərəkətindən asılı olduğu üçün Qarabağ nümayəndəsini diqqətlə dinləyib, onun məsləhətlərini təsvib etdi. Mirzə Əliməmməd Şəki xanına da eyni təsiri bağışladı. Yeni bağlanan dostluğun daha da möhkəm olması üçün Səlim xanın bacısını da İbrahim xana istədi. Saziş düzəldiləndən sonra Mirzə Əliməmməd ağa məsələni yazıb, İbrahim xana bildirdi. Iki həftədən sonra Səfər cavab gətirdi. Mirzə Əliməmməd kağızı oxuyub, heyrət etdi. Məzmununu Mustafa xana bildirdi. Səlim xanı da Şamaxıya çağırıb, müşavirə qurdular. Mirzə Əliməmməd dedi: – İndi görürsünüz ki, məsələ aydındır. Mahrasa Yusif üç kilsə mahrasası ilə birlikdə ermənilərin arasına bir xitabnamə buraxıb, rusların Azərbaycana gəlməsinin məqsədini bildirirlər. Xanlar taxtdan salınacaq, yerləri ermənilərə veriləcək... – Mirzə Əliməmməd köksünü ötürüb əlavə etdi: – Ölmədik, gordan harayçı gəldi! Din və qeyrət əldən getdikdən sonra ölüm yaxşıdır... Xanların rəngi üzlərindən götürülmüşdü. Mahrasa Yusifin hərəkəti onları elə həyəcana gətirmişdi ki, cinayətə belə getməyə hazır idilər. Çox danışıb, məsləhətləşdilər, nəhayət, Mirzə Əliməmmədin təklifini qəbul edərək, Qızılayağı öldürməkdən başqa çarə olmadığına qane oldular. Mustafa xan dedi: – Bu işi ancaq Nurəli xan bacara bilər. Mirzə Əliməmməd soruşdu: – Nurəli xan kimdir? – Bu, Kərim xan Zəndin qardaşı oğludur. Axta xandan qaçıb, urusa sığınıb. Urus yanında hörməti var. Dərbənd xanı Şeyxəli qaçdıqdan sonra onun mülkü buna verilmişdir. Xülasə, böyük hörmət sahibidir. Yanında yüz nökəri var, özü də Qızılayağın düşərgəsində olur. Nurəli xanı tərəfimizə çəkməliyik, başqa adamın düşərgəyə yolu yoxdur. Bu təklif qəbul olundu, Nurəli xanla görüşməyə vasitələr axtarıldı. Nəhayət, Şamaxıda şöhrət tapmış bir falçı qarını onun yanına göndərmək qərara alındı. Nurəli xan at çapmağı və silah oynatmağı çox sevərdi. Bir gün cıdıra çıxıb, düşərgədən uzaqlaşmışdı, bu zaman bir qarı ona yanaşdı: – Ay cavan, falına baxım... Ah, sənin qismətində bir gözəl var, bilsən... Nurəli xan atdan düşüb, qarının yanına gəldi: – Nə var, ay qarı, xeyir ola! – Xeyirdir, qadan alım, ver əlini! Qarı Nurəli xanın əlini əlinə alıb, sözlərinə davam etdi: – Ay cavan xan, sən ölümdən qurtarmısan, can çəkişdirmisən. İndi sənə bir yağı göz dikibdir, sənə zədə vurmaq istəyir. Amma xeyir iş ondan səni qurtaracaq. Qarabağ xanı İbrahim Xəlil padşahın qızı gözəllər gözəli Ağabəyim ağa sənə qismət olacaq, üstündə kisə-kisə əşrəfi alacaqsan, səni xan tikəcəklər... Bütün muradına yetişəcəksən... Falçı qarının sözləri Nurəli xanı olduqca xoşhal etdi. O, Ağabəyim ağanın gözəlliyini eşitmişdi, lakin ona elçi göndərmək cürətində olmamışdı. İndi falçı onun niyyətini açıqca olaraq söyləyir və muradına çatacağını bildirirdi. Nurəli xan qarıya bir əşrəfi bağışlayıb dedi: – Qarı, de görüm, indi neyləyim? Qarı onun əlinə baxıb dedi: – Sabah bu vaxt burada ol, mən səni bir Qarabağ vəziri ilə görüşdürrəm, o sənə yol göstərər. Nurəli xan razı olub, qarıya bir əşrəfi daha bağışladı. 18 Mahrasa Yusifin xitabnaməsindən asılı olaraq, bütün Qarabağa vəlvələ düşmüşdü. Yalnız saray deyil, əhali də qayğı içində çırpınırdı. Xanlıq məhv olarsa, iş başına erməni çıxarsa, müsəlmanların halı necə olar, deyə min bir fikir yürüdülürdü. Birinci Pyotrdan bəri körüklənən erməni-türk ziddiyyəti heç bir zaman belə gərginləşməmişdi. Mahrasa Yusifin vədlərindən coşan erməni sərkeşləri orda-burda türkə hücum belə etməyə başlamışdılar. İbrahim xan qaynı Cəmşidi yanına çağırıb, ermənilər tüğyan fikrini yerə qoymasalar, onun başının cəllad əlinə veriləcəyini söyləyib, erməniləri sakit etdi. Bu əsnada Mirzə Əliməmməd Şirvandan döndü. İbrahim xan Vaqifi də çağırıb, Mirzə Əliməmməd gətirən xəbəri dinlədilər. Mirzə Əliməmməd ağa: – Xan sağ olsun, – dedi: – hər şey hazırlanmışdı, Nurəli xana üç min əşrəfi verilmiş və Ağabəyim ağa ilə də evlənməyi vəd olunmuşdu. Nurəli xanın nökərlərinə də yaraq – əsbab verilmişdi. Ərz etdiyim kimi hər şey hazırlanmışdı. Ancaq qəza işə pəl vurdu: Nurəli xan çadırdan çıxarkən sərpuşu başından düşür, içində Mustafa xanın kağızı varmış, sərpuşu götürür, kağızı görməyir. Kağız urus soldatının əlinə keçir. Nə baş ağrısı, sirr açılır. Nurəli xanı adamları ilə bərabər Hacıtərxana sürdülər. Biz də urus yanında rüsvay olduq. Vaqifin gözləri yerindən oynadı, xanın üzünə baxdı, xanın da rəngi qaçmışdı. – Xan, – dedi, – indi mahrasa Yusifin dili üstümüzdə uzun olacaq, çarə lazımdır!.. Xan qəzəbli bir halda: – Nə çarə? Vaqif eyni əndişə ilə: – Əbülfət ağanın rəisliyi ilə Qızılayağın yanına bir heyət göndərilməlidir. Bir dəstə namdar bəy getsin, yaxşı peşkeşlər aparsınlar, sədaqət və dostluğumuzu bəyan etsinlər. Sonra bir vəkil də Fitilbörkə, düz Yekaterinanın hüzuruna göndərmək lazımdır. Çoxlu peşkəş yollamalıyıq. Bilirsən ki, ağlamayan uşağa süd verməzlər. Qoy qüvvət və qüdrətimizi bilsinlər. Məsələ aydın idi, rus komandanlığının rəğbətini qazanmaq, mahrasa Yusifin xətasını yerinə bildirib, təminat istəmək lazım idi. Vaqifin təklifi üzrə Əbülfət ağa bir dəstə bəy ilə bərabər Zubovun yanına, Saatlı Mirzə Məmmədqulu da hədiyyələr və xanın məktubu ilə bərabər Peterburq sarayına göndərildi. Bu əsnada yenə Ağaməmməd şahın səsi eşidilməyə başladı, İranda baş vermiş yeni tüğyanı yatırdıqdan sonra Astrabada gəlib, oraları rusa qarşı bərkidirmiş. Zubovun gəlməsindən son dərəcə qəzəblənib, Qafqaz xalqlarına bir çağırış göndərdi və bu çağırışda rusun Qafqaza gəlməsindən məqsəd sırf xristianları himayə etmək olduğu üçün, müsəlmanlar da birləşib, rusa qarşı çıxmalıdır, – deyirdi. Lakin Iran siyasəti nəticəsi olaraq, ölkə dağılmışdı. Xalq ac və səfil olduğundan çağırışlara əhəmiyyət verən yox idi. Xalq asayiş tələb edir və bu asayişi kim verə bilsə idi, onun tərəfinə keçməyə hazır idi. 19 Kazım kişi qapıya çıxıb, yavaş səslə: – Allahqulu! Allahqulu! – deyə dostunu çağırdı. Bir az sonra Allahqulu donquldana-donquldana qapıdan çıxdı. Çiynində bir boş torba vardı. – Bu da mən! – dedi. – Tanrı bir ölüm qismət eləmir, ölək qurtaraq. Uşaqlar çörək üçün dünəndən ağlaşırlar... Aclıq bu iki dostun ikisini də sifətdən çıxarmışdı. Gözləri batıb, səsləri güc ilə çıxırdı. Bir söz daha söyləmədən bir-birinə qoşulub, taqətsiz addımlarla getdilər. Küçələrdə gözə az adam dəyirdi. Hərə başını götürüb, aclıqdan bir tərəfə qaçmışdı. Şəhərdə qalanların çoxu əlsiz-ayaqsızlar idi. Orda-burda dilənçilər durub, əl açmışdı, acından taqətdən düşüb yerə sərilmişlərə tez-tez rast gəlinirdi... Kazım ilə Allahqulu meşəyə palıd qozası və pencər yığmağa gedirdilər. Camaat səhər tezdən meşələrə daraşıb, ot-ələflə qarınlarını doyurmağa çalışırdı. Şəhərdə it və pişik belə kəsilib yeyilmişdi. İranlılar iki ildən bəri Aranı tutmuşdular. Kəndlilər tarlalarına yaxınlaşa bilməyirdilər, başqa yerlərdən də taxıl gəlmədiyi üzündən aclıq ölkəni ağzına almışdı. Bir-iki məhəllə keçdikdən sonra Kazım dayandı. – Allahqulu, bir dayan görüm, ürəyim pis olur! Allahqulu ayaq saxladı, diqqətlə dostuna baxdı: Kazımı tər basmışdı. – Yanını bir az yerə qoy, dincəl! – deyə Kazımı oturtdu. Ətrafa göz gəzdirdi, yeyiləcək şey axtardı. Görünür oradan bir az əvvəl at keçmişdi, təzəyi yerdə dururdu. Allahqulu şərik çıxılmasın deyə qorxan bir adam kimi ətrafa baxıb, özünü təsin üstünə saldı və acgöz bir halda onu eşib, arpalarını ovcuna yığdı. Kazım sevinc ifadə edən gözlərlə dostuna baxır və bəzən onda, – “Birdən Allahqulu özü yeyər də, mənə verməz”, – deyə xudbin şübhələr də oyanırdı. Lakin yerindən tərpənməyirdi, özünü kədərə qərq edərək, sakit olurdu. Allahqulu yarım ovuc arpa yığmışdı, o, arpaları bir daşın üstə töküb, əziklədi, sonra Kazım ilə bölüşdülər. Arpanın çeynənməsi, ağızların marçıltısı, sonra dişlərin dibinin dil ilə yoxlanıb, əmilməsi bir neçə dəqiqə çəkdi. Kazım gülümsünərək: – Allahqulu, – dedi, – ağa atının təsi da can dərmanı imiş. Bir az quşəppəyi ver yiyək duraq. Yoxsa, atın dalınca adam düşər, əlimiz təsdən çıxar. Allahqulu daşların dibindən bir az quşəppəyi qopardı, yedilər, sonra yollarına düzəldilər. Şəhərin Xəlfəli qapısına yaxın bir yerdə Səfərə rast gəldilər. Səfər atını səyirdərək gəlirdi. Dayandılar. Səfər bir söz demədən xurcunundan bir parça çörək çıxarıb, iki böldü, yarısını Kazıma, yarısını da Allahquluya uzatdı. Allahqulu çörəyi o saat qapdı, Kazım isə zəif səslə: – Səfər, mən yola gedərəm, payımı evə ver, uşaqlar acdır, – dedi. Səfər sevinclə: – Al, – dedi, – iki bütövü də var, evə aparıram. Bilirsən bu çörəkləri haralardan gətirirəm? Kazım çörəyi aldı. İndi dostların ikisi də çörəkləri ovuclarının içində bərk-bərk tutub, hərdən bir dişləyir və ansızın qismət olmuş bir nemət kimi ləzzətlə çeynəyirdilər. 20 İbrahim xanın Yekaterina və Zubovun yanına göndərdiyi heyətlər qayıdıb, müvəffəqiyyətlə gəlmişdilər. Heyətlər gözəl qəbul edilmiş İbrahim xana kömək və himayə vəd olunmuş və bir çox da hədiyyələr gətirilmişdi. Yekaterina xüsusilə Vaqifə üstü daş-qaşlı bir qızıl əsa göndərmişdi. Bu hadisə sarayda böyük bir ümid və sevinc oyatmışdı. Lakin davam edən aclıq sarayı belə sarsıdaraq, sevinci söndürürdü. Xanın qoşunu belə aclığa davam etməyərək qaçıb dağılmışdı. Qala gün-gündən müdafiə qüvvəsini itirirdi. Yekaterinanın vədləri ilə iş aşmırdı. Bir az sonra Zubovun öz qoşunu ilə bərabər Şirvandan çəkilib, Rusiyaya dönməsi vədlərdən doğan ümidi belə qırdı. Bəlli oldu ki, Yekaterina ölmüş və taxta yeni çıxmış Pavel Qafqaz səfərinin lüzumsuz olduğunu bildirmişdir. Vəziyyət olduqca ağır idi, indi artıq Ağaməmməd şaha müqavimət göstərmək qətiyyən mümkün deyildi. Barışıq da ola bilməzdi, çünki düşmənçilik çox dərinləşmişdi. Vaqif yenə ümidini Şimaldan kəsməyərək məsələni aydınlaşdırmaq istədi: – İrakli xan urusa bizdən daha yaxındı, – dedi. – Hər halda gedib, bir onun fikrini bilmək lazımdı. Xan bu fikrə razı oldu. Tiflisə getməyi Vaqifin özü ilə muğanlı Cəmil ağaya tapşırdı: – Gedin görək, hal-qəziyyə nə minval üzrədir. Əyər vaxtında kömək olmayacaqsa, biz də başımızın çarəsini qılaq. Məclisdəkilər bu “çarə” sözünü eşidib, bir-birinin üzünə baxdılar. Ağalardan birisi: – Nə çarə, xan? – deyə soruşdu. Xan hiddətlə: – Nə çarə olacaq! – dedi. – Axta xan Muğanda oturub, qalanı güdür, bir də gördün başımızın üstünü kəsdi... Qoşun, sursat olmayandan sonra nə qayıra bilərəm ki! Əhli-əyalı götürüb, vaxtkən Avar xanının yanına çəkilməkdən başqa çarə varmı? Məclisə dərin bir sükut çökdü. Məclisdəkilər heç bir vaxt İbrahim xanı belə aciz halda görməmişdilər. Onun səsi belə əvvəlki hökmdar ahəngini itirmişdi. Məclis dağıldı. Hər kəs öz hesabını anlayıb, məyus bir halda evinə getdi. Vaqif ilə Cəmil ağanı o biri gün Tiflisə yola saldılar. Bir səhər İbrahim xanın bütün ailəsi ilə bərabər Cara qaçdığı şəhərə yayıldı. Aclıq camaatdakı marağı öldürmüşdü, kimsə bu məsələyə əhəmiyyət vermədi. Hər halda bir dəyişiklik olar deyə, bir çoxları ümidlənməyə başladı. Yenə şah məsələsi meydana çıxdı. “Budur gəldi, odur gəlir” – deyə gündə min şayiə ac evləri və boş bazarı dolaşdı. Nəhayət, bu şayiələr doğrulmağa başladı. Ağaməmməd şah İbrahim xanın qaçmasını eşidər-eşitməz, on min atlı götürüb, çaparaq Şişəyə doğru qoşdu. İlk çapar şəhərə girib, şahın yolda olduğunu bildirdikdə, dərin bir qorxu əhalini qapladı. Müstəbidi duz-çörəklə qarşılamaq lazım idi. Hər məhəllədən ağsaqqal seçib, bir heyət təşkil etdilər. Kazım ilə Allahqulu da bu heyətə daxil idi. Boğçadan təzə paltarlarını çıxarıb, geydilər, duz-çörək götürüb yola düşdülər. Kazım gülə-gülə qorxu içində çırpınan dostuna təsəlli verirdi: – Əşi, qorxma! Kim eşşək olarsa, biz ona palan olarıq. Nə olacaq ki... İndi sən gör şahın necə xoşuna gələcəyik! Allahqulu candərdi gülümsünərək, dedi: – Ay canım, padşahdır, birdən tərs damarına düşər, başımızı kəsdirər... – Qorxma, ölsək də, bir ölərik, zərəri yoxdur. Kazımın zarafatı və qəhqəhəsi Allahqulunu hiddətləndirirdi. – Amma zarafata vaxt tapdın! – deyə heyrət edirdi. Şəhərin Iravan qapısından çıxdıqda heyət bir neçə yüz adamdan ibarət idi. Yayın isti bir günü idi. Hamı tər tökürdü. Qorxu da bir tərəfdən camaatı üzürdü. Şüşü kəndinə tərəf endilər. Aşağıdakı qayaların arasından toz qalxırdı. Şah yaxınlaşırdı. Yüz addımlıq bir məsafədən camaat dizi üstə çöküb, məcməyidəki üstü örtüklü duzçörəyi irəli uzatdılar. Heç kəs qorxusundan dik baxa bilmirdi. Lakin Kazım hərdən bir qaşlarının altından irəlini süzürdü. Toz arasından atlıların yaxınlaşması görünürdü. Öndə təqribən on beş yaşlı çocuğu andıran bir adam gəlirdi. Çəlimsiz vücudu, tüksüz üzü, sərt baxışı vardı. Ətrafı bürüşmüş gözləri sulanırdı. Tez-tez xırda çocuq əli ilə gözlərini silirdi. Incə dodaqlarının ucları nədənsə Kazımı qorxutdu. O, başını aşağı salıb, bir azdan sonra təkrar ehtiyatla qaldırdı. Çocuq sifətli adamın şah olduğunu başındakı yuvarlaq tacdan, geyməsinin boynuna və döşünə düzülmüş daş-qaşdan anladı. İndi günəş onun üzərinə düşüb, onu parıl-parıl parıldadırdı. Kazım artıq sakit olmuşdu, ona elə gəlirdi ki, bu xırda padşahdan adama heç bir xətər toxuna bilməz. Şah atını saxlayıb, qarşısında diz üstə düşən qarabağlıları qürurla seyr etməyə başladı. Xırda gözləri bir az gülümsəyirdi. Bu əsnada şahın qoşunundan bir dəstə ayrılıb, atdan düşdü və oxuya-oxuya camaata yanaşdı: “Gəlmişik, gətirmişik bir əjdaha!” – deyə süzməyə başladılar. Kazım bu halı görən kimi Allahqulunun qolundan dartıb, durğuzdu və şahın adamlarına cavab olaraq oxudu: “Qovmuşuq, itirmişik bir tülkünü!” Kazıma baxaraq, qarabağlılardan da bir dəstə ayrılıb, süzməyə və oxumağa başladı. Bu oyunlar və şərqilər şaha görünür çox xoş gəlirdi. O gülür və güldükcə də gözlərindən su axırdı. Beləcə camaat şahın qəzəbini yatırdıb, onu “Allah-Allah!” səsi ilə şəhərə gətirdi. 21 Ağaməmməd şahı Məmmədhəsən ağanın sarayında yerləşdirdilər. Sarayın qarşısındakı düzdə qoşuna çadırlar quruldu. Sanki artıq hər bir məsələ həll olundu. Şah Iran tərəfdarlarına sovqatlar, xələtlər göndərdi, eyni zamanda düşmənləri də unutmadı: İbrahim xanın adamları birbir tutulub zindana atıldı. Lakin bir həftə qan olmadı, cəlladlar işsizlikdən darıxmağa başladılar. Əhali bu sakitliyin qorxunc bir hadisə ilə qurtaracağına inanaraq, vahimə içində çırpınırdı. Heç kəs sabahından arxayın deyildi. Günlər keçdi, Qarabağ tarixində unudulmaz bir yer tutan cümə axşamı yetişdi. O gün ziyarət günü idi. Dövlət adamları həyətə yığılıb, şahın pəncərədə, pərdə arxasında görünməsini gözləyirdilər. Lakin şah görünmürdü. Şahın qəzəblənməsi xəbəri ağızdan-ağıza keçib, hər kəsi qorxuya salırdı. Pişxidmət Səfərəli bəy ətrafa göz gəzdirərək pilləkəndən cəld endi, ona-buna müraciət edə-edə: – Sadıq xan hanı? Qibleyi-aləm istəyir? – deyirdi. Bu əsnada şəqaqilər sərkərdəsi Sadıq xan darvazadan içəri girdi. Səfərəli bəy cəld ona yanaşıb, nə isə pıçıldadı. Sadıq xanın rəngi üzündən götürüldü. O tələsik pilləkənə doğru qoşdu. Şah sarayın arxa tərəfindəki xırda bir otaqda qalırdı. Daş döşəmənin üstünə qiymətli bir xalı salınmışdı. Divarın dibinə şahın səfər taxtı qoyulmuşdu, üstünə ətrafı inci və daş-qaşla işlənmiş sumağı məxmərdən bir süzəni salınmışdı. Sadıq xan içəri girəndə şahı bu taxtın üstündə gördü. Arıq qılçalarını qucaqlayıb oturmuşdu. Onun sulu gözlərindən kin yağırdı. Üzünün qırışları daha da dərinləşmiş, istehzalı dodaqları qorxunc idi. Sadıq xan uzun müddət şah ilə səfər yoldaşı olmuş, onun hər bir hərəkətini incədən-incəyə öyrənmişdi, lakin üzündəki bugünkü ifadə olduqca acı və qorxulu idi. Şah hiddətlə dedi: – Sadıq xan, sən də belə! Sən bir həftədən bəri Cavanşir Məmməd bəyin imarətində olursan, bir demirsən, niyə Məmməd bəy qibleyialəminhüzuruna gəlmir?.. Sadıq xan diz çöküb, itaətkar bir səslə: – Təsəddüqün olum, şah, – dedi, – Məmməd bəy qalada yoxdur, axtartdırıram... Şah ayaqlarını taxtdan sallayıb, qollarını ölçərək cır səsi ilə çığırdı: – Məlun köpək, sabah bir siyasət işlədim ki, ibrəti-nazirin olsun! Kəllələrdən bir minarə qoyduracam, yuxarısında da sənin başın! Şahın sulu gözləri hədəqədən çıxmışdı. Cır səsi hirsindən tutularaq dedi: – Məmməd bəyin bacılarına söylə ki, axşama kimi qardaşları hüzuruma gəlməsə, onları sərbazlara xərabəliyə verəcəyəm! Mürəxxəs! Sadıq xan titrəyərək yerdən qalxdı və dalı-dalı otaqdan çıxıb, ipək pərdənin arxasında yox oldu. Bir dəqiqədə şəhərin bu başından o başına qədər carçılar düzüldü:”Məmməd bəy heyy! Axşama kimi qibleyi-aləmin hüzuruna gəlməsən, bacıların sərbazlara xərabəliyə veriləcək!” – deyə səslər şəhərin hər tərəfinə yayıldı. Sarayın həyətindəki intizar davam edirdi. Rəcal və sərkərdələr arasında altı nəfər qolu bağlı dustaq vardı. Mirzə Əliməmməd ağa da o cümlədən idi. Mirzə Əliməmmədin o sakit qüruru sönmüşdü, rəngi qaçmış, qımıldanmağa belə halı yox idi. Gözlərini yerə dikib, sakit durmuşdu. Şahın vəziri Mirzə Şəfi təlaş içində idi, o gözünü rəngli şişəli pəncərədən çəkmirdi, birdən pərdə tərpəndi. Mirzə Şəfi o saat torpağa düşdü. Bütün saray adamları da eyni vəziyyət aldı. Sərapərdə qaldırıldı, şahın cır səsi eşidildi. Mirzə Şəfi übudiyyət izhar edib, sonra dustaqların kim olduğunu söylədi. Şah istehzalı təbəssümlə: – Beşinə paz çalınsın, Mirzə Əliməmməd seyid olduğu üçün tənəflənsin! Cəlladlar bir dəqiqədə əl-ayağa düşdülər. Dustaqların şalvarları sıyrılıb, paz soxuldu. Mirzə Əliməmməd də oturdulub, boynuna sabunlu tənəf salındı. Qışqırtı, söyüş küfr həyəti ağzına almışdı. Əli çəkicli cəlladlar dustaqların arasında dolaşıb, pazlara çəkic döşəyirdilər. Mirzə Əliməmməd son nəfəsində idi, boğulduqca rəngi qaralır, gözləri hədəqəsindən çıxırdı: – Ay zalım, Allah bu zülmü yerdə qoymaz! – deyə həyatından ayrıldı. Paz çalınanların ahu-zarı ürək yandırırdı, onlar yalvarıb, tez öldürülmələrini istəyirdilərsə də, qulaq asan yox idi. Cəlladlar yenə çəkicdən vurub, onların qışqırtısını daha da artırırdılar. Bütün bu mənzərəni Iran şahı dərin bir ləzzətlə seyr edib, istehza ilə gülümsəyirdi. Bu əsnada darvaza açıldı, içəri ala gözlü, sarı qısa saqqallı, geniş kürəkli sadə geyinmiş bir adam girdi. O, cəsur addımlarla pəncərənin önünə gəlib, şaha baş əydi. Onun torpağa düşməməsi hər kəsin nəzərini cəlb etdi. Sadıq xan diz çöküb: – Qibleyi-aləm, Məmməd bəy Cavanşir budur! – deyə şaha ərz etdi. Qibleyi-aləm Məmməd bəyi süzərək gülümsədi: – Bəli... Lap qəssabdır. Mənim qoşunumda belə tənumənd adam yoxdur, – şah Mirzə Şəfiyə yönələrək: – Gözəl gözləri var, elə deyilmi? – deyə əlavə etdi. Mirzə Şəfi şahın işarəsini anladı, bildi ki, Məmməd bəyin gözlərini çıxarmaq istəyir, dedi: – Doğru buyurursunuz, təsəddüqün olum! Məmməd bəy gülümsünərək: – Yaxşı igidin adın eşit, üzün görmə! – dedi. Şah ciddi ifadə ilə: – Ağamın ərvahi haqqı, – dedi, – doğru deyirəm. Sənin kimi tənumənd bircə adam görmüşdüm, o da Zənd Lütfəli xan idi. – Şahın birdən sifəti dəyişildi, qorxunc istehza dodaqlarına yayıldı və əlavə etdi: – Sabah danışarıq. Sadıq xan, Məmməd bəyi sənə tapşırıram, bərk saxla! Mürəxxəs! Sərapərdə salındı, şah gözdən itdi. İşgəncə edilənlərin kimisinin ürəyi gedib, yerə yıxılmış, kimisi hələ zarıldayırdı. Günəş qüruba doğru əyilirdi. Gündüzün istisindən sonra axşamçağının sərinliyi qorxu və aclıq içində əzilən xalqa bir xoş təsəlli kimi görünürdü. Ordaburda ələ keçirilmiş xan tərəfdarları yenə saraya doğru gətirilirdi. Bunların içində qolları bağlı bir müsinn kişi də vardı. Sərbazlar saraya çatdıqda dustaqları darvazada saxlayıb, içəri xəbər verdilər. Qapıya şahın sərkərdələrindən Məmmədhüseyn xan Qacar çıxdı. Lopa bığlarını əlinin dalı ilə o yan-bu yan edib soruşdu: – Bu qoca kimdir? – Bu həmən Molla Pənah Vaqifdir ki, eşidibsiniz! – deyə cavab verdilər. Məmmədhüseyn xan “Vaqif” adını eşitdikdə üzünü turşudub, söyüşə başladı: – Ay pədər suxtə! Qoca köpək! Vaqif özünə məxsus mülayimliklə xanın söyüşlərini kəsib dedi: – Ey xan – əzimüşşəm! Siz böyük şəxsi-dövlətsiniz varsınız, dəstgir və giriftarlara yaman kəlmələr və hədyan sözlər buyurmaq sizing rütbə və məratibinizə şayistə deyil... Məmmədhüseyn xan Vaqifin nəzakətinə qarşı laqeyd qalaraq, söyüş yağdırmaqda davam edirdi. Bunu görən Vaqif özündən çıxdı: – Ey xani-nanəcib, mən əgər dustağam, şah dustağıyam, sən nəçisən! Bəlkə şah sabah məni azad edəcəkdir və ya fələki-kəcrəftar və təqdiripərvərdigar bəlkə bir qeyri yol gedəcəkdir. “Şəb abistənəst, ta ci zayət bəruz”*. Məmmədhüseyn xan Vaqifin sözlərinə əhəmiyyət verməyərək, sərbazlara tərəf yönəldi: – Qibleyi-aləmin buyruğuna binaən bu məlunu zindana salın, sabah əcrinə çatacaq! Sərbazlar Vaqifi götürüb getdilər. 22 Gecə yavaş-yavaş düşür, dərin bir sükut hər yeri qaplayırdı. Yalnız bürclərdən cırcırama səsi gəlir və bir də uçurumun dərinliyində axan Daşaltı çayının şırıltısı eşidilirdi. Dağlardan və dərələrdən süzülən xoş bir qoxu, sərin hava ilə bərabər şahın açıq pəncərəsindən içəri dolaraq onu xəyala daldırırdı. Lakin şahın xəyalı da sönük bir şam kimi can sıxırdı. O yenicə namazını qurtarmışdı, indi isə təsbeh çevirərək dua oxuyurdu. Lakin dua ona təsəlli verə bilərdimi? Onun şəxsi həyatı çocuq ikən söndürülmüşdü, buna əvəz olaraq onda hakimiyyət duyğusu və bu duyğu ilə bərabər dünyaya və bütün məxluqa qarşı bir kin doğmuşdu. Onun vuruş meydanlarında, səltənət ətrafında olan müvəffəqiyyətləri artdıqca, kini də artır və dərinləşirdi. O, səltənət uğrunda qardaşlarından birinin gözlərini çıxartdırmış, o birini isə öldürtmüşdü. Həm də namərd- cəsinə öldürtmüşdü. Qardaşı Isfahan hakimi olmaq istəmiş, şah razı olmamış, onun nüfuzundan qorxmuşdu. O da küsüb, Astrabada çəkilmişdi. Astrabadda bir əngəl törətməsin deyə çağırtdırır, gəlməyir. Anasını dalınca göndərir. “And içsin ki, mənə dəyməyəcək”. Şah and içir. Qardaşı Tehrana gəlir. Hörmətlə qarşılanır. İkinci gün vəliəhd Baba xana qoşur: “Get təzə tikdirdiyim imarətə bax, gör xoşuna gəlirmi?” – deyir. Qardaşı gedir. Içəri girdikdə xəncər köksünə soxulur... Nə qədər belə qanlar tökülmüşdü! Şah təsbehi çevirdikcə təsbehin dənələri adam kəllələri kimi barmaqlarına toxunub, onu coşdurur, daha da qan tökmək, dünya ləzzətlərindən məhrum olduğunun qisasını almaq istəyirdi. İpək pərdə tərpəndi. Şəqaqi Sadıq xan içəri girdi. Şah hələ acı xəyallar və xatirələr içində dolaşırdı. Varlığa qarşı bəslədiyi kin dodaqlarının istehzalı ifadəsindən süzülürdü. – Nə var? – deyə qışqırdı. – Təsəddüqün olum, Səfərəli bəy dedi ki, qibleyi-aləm səni çağırır. Şah hiddətlə: – Səfərəli! – deyə çağırdı. Pişxidmət hazır oldu. – Sənə kim dedi Sadıq xanı çağır? – Təsəddüqun olum, yarım saat əvvəl buyurdunuz. Şah yanındakı təklüləni götürüb, Səfərəlinin döşünə dirədi: – Yalan deyirsən, köpək! Səfərəli titrədi, ancaq yerindən tərpənmədi: – Bəlkə qulağıma belə gəlib!? – dedi. Şah cümə axşamı olduğunu xatırlayıb, Səfərəlini öldürmək istəmədi, təklüləni kənara qoyub dedi: – Qulağın pis eşidirsə, get onu kəsdirt! Sadıq xanla Səfərəli otaqdan çıxdılar. Şah yenə tək qalıb, gözlərini gümüş piysuza dikib, acı düşüncələrə daldı. Hava daha da sərinləşmişdi. Qəzəbli bir sükut hər şeyə hakim idi. Yalnız qonşu otaqdan bir həzin zarıltı səsi gəlirdi. Şah tirmə xirqəsini dizlərinin üstünə çəkib, qulaqlarını şəklədi. Zarıltı Səfərəlinin zarıltısı idi. Şahın cır və qəzəbli səsi havanı titrətdi. Səfərəli bəylə pişxidmət Abbas bəy içəri girdilər. Səfərəlinin bir qulağı dəsmalla bağlı idi, dəsmal qana batmışdı. Şah qışqırdı: – Sən arvad deyilsən ağlayırsan! Şad ol ki, bir qulağın kəsildi, hələ öldürmədim! Abbas bəy, sən niyə bərkdən danışıb, yuxuma haram qatırsan? Ah, azğınlar! Sabah elə bir siyasət eləyim ki, tarixlərdə deyilsin! Bir minarə qurduracağam, sizin də başınız, atamın ərvahi haqqı, lap yuxarıdan asılacaq! Gedin dəmirçilərə deyin minarə üçün çoxlu mıx qayırsınlar! Gecədən çox keçmişdi. Lakin Sadıq xanla Məmməd bəyin gözlərinə yuxu getməyirdi: qabaq-qarşı oturub, sabahın dərdinə qalmışdılar. Bu əsnada nökər içəri girib, şahın yanından adam gəldiyini xəbər verdi. Qorxudan diksindilər. Gecənin bu vaxtında şahın adam göndərməsi nə demək idi? – Gəlsin! Səfərəli bəy içəri girdi. Sadıq xan hövləki soruşdu: – Xeyir ola?! Səfərəli suçlu-suçlu nağıl eləməyə başladı. Şahın qəzəbini, sabah siyasət işlədəcəyini, Sadıq xanı, Məmməd bəyi və başqalarını öldürəcəyini, kəllələrdən minarə qurduracağını birər-birər söylədi. Sadıq xan şübhə ilə dinləyir, bir şey demək istəmirdi. Onun zənnincə, şah Səfərəlinin vasitəsi ilə onların sadiq olub-olmamasını sınayırmış. Lakin Məmməd bəy başqa cürə düşünürdü, o, Səfərəli bəyin səmimiyyətinə inanır və sabahkı gündən qurtarmağa çarə axtardığını anlayırdı. – Səfərəli, – dedi, – bunlar hamısı doğru, çarəmiz nədir? Açıq söylə, qorxma! – Çarə yolunu Abbas bəylə düşünmüşük. Siz ancaq ilqar verin ki, bizə qahmar çıxacaqsınız. Bizi ələ verməyəcəksiniz! Sadıq xan hələ yenə şübhə içində idi. Məmməd bəy qəti olaraq: – Sadıq xan, – dedi, – fikrə getmək yeri yoxdu. Başlarımız cəllad əlindədir. Çarə lazımdır, siz cürət etməyirsinizsə, mən özüm gedim. Dünya bu zalımın əlindən qurtarsın! Sadıq xan, nəhayət, dilləndi: – Yox, Məmməd bəy, sən getsən pərxoşluq düşər. Bunlar yaxşıdır. Qoy işlərini görsünlər! Məmməd bəy daha cəsur bir səslə: – Səfərəli bəy, – dedi, – qorxma dalında durmuşam, nökərləri yığıb, nə lazımsa elərəm! Səfərəli bəy tələsik özünü saraya yetirdi. Abbas bəy şahın qapısının arxasında durub dinləyirdi. – Razıdırlar, tez ol, vaxt keçir. Səfərəli bəylə Abbas bəy xəncərlərini götürüb, qapını yavaşca açdılar. Şah qəzəbli səslə nərildəyirdi. Səfərəli bəy qorxaraq, geri çəkildi. Abbas bəy pıçıltı ilə: – Yatıb, qorxma! Bilmirsənmi o qəzəblənəndə yuxuda sayır-vayır söyləyir?! Bir az dinləyib, ayaqlarının ucunda içəri girdilər. Piysuz otağa sönük bir işıq salmışdı. Şah yaralı heyvan kimi inildəyirdi. Bu inilti İnsana dəhşət verirdi. Səfərəli bəy yetirib xəncəri şahın çəlimsiz döşünə soxdu. Şah dik atılıb, əlini yanındakı toppuza atdı: – Xanəxərab, İranı viran eləyirsiniz! – deyə bildi. Səyrilib, xalının üstünə düşdü. Onun başını kəsdilər. Sonra qollarındakı tacmah və “dəryayi-nur” adlı qiymətli bazubəndləri çıxarıb, Sadıq xanın yanına apardılar. Bu əsnada Vaqif zindanda oturub, rəml atırdı; o, qədərin sirlərini öyrənmək istəyirdi. Şəhərin başqa bir məhəlləsində dəmirçilər tər tökə-tökə mıx hazırlayırdılar, vaxtında hazır edə bilməsəydilər, onların da başları cəllad əlinə veriləcək idi. Sadıq xan gecə ikən carçı salıb, Şəqaqi qoşununu yığdı və şahın buyruğuna görə Tehrana gedəcəklərini söyləyib, Şişəni tərk etdi. Məmməd bəy dəstəsi ilə bərabər yerdə qalan şah tərəfdarlarını çevrələdi, kimini qırdı, kimini tutdurdu. Dan yeri söküləndə artıq şahın ölüm xəbəri şəhərə yayılmışdı. Dəmirçilərə xəbər gəldi ki, mıx lazım deyil, şahın cənazəsi üçün bir neçə mismar lazımdır. Bu xəbəri bilən baş dəmirçi alnının tərini silərək: – Ey mıxı mismara döndərən Allah! – deyib, üzünü göyə tərəf çevirdi. Xəbər hələ zindana yetişməmişdi. Vaqif rəmldən xeyir xəbər olacağını duyaraq tez-tez keşikçidən: “Təzə bir xəbər yoxdur ki?” – deyə soruşurdu. Nəhayət, adam gəlib, zindanı açdı. Vaqif sevinə-sevinə çıxdıqda qapıda Mədinəyə rast gəldi: axşamdan orada durub gözləyirmiş. 23 Ağaməmməd şahın öldürülməsi nəticəsində Qarabağ hakimiyyəti Məmməd bəyin əlinə keçdi. O, “Batman-qılınc” ləqəbi alaraq ölkəni idarə etməyə başladı. Lakin İrandakı hadisələr Məmməd bəyi çox düşündürürdü. Sadıq xan Tehran taxtını ələ keçirə bilməmiş, Ağaməmməd şahın qardaşı oğlu Baba xan tərəfindən basılıb, məhv olmuşdu. Baba xan “Fətəli şah” adı ilə İran səltənətinə malik olmuşdu. İndi Fətəli şah Ağaməmməd şahın cənazəsini və onu öldürənləri tələb edirdi. Əlavə olaraq Qarabağın Irana itaət etməsini təmin etmək üçün Ağabəyim ağanı öz hərəminə və İbrahim xanın oğlanlarından birini də zaval olaraq Tehrana göndərilməsini istəyirdi. Bu məsələlər Məmməd bəydə bir tərəddüd doğurmuşdu. O, bir tərəfdən hakimiyyətə qarşı hərislik göstərir, asır-kəsir; o biri tərəfdən də hakimiyyətin baqi olaraq əlində qalacağına inanmırdı. Vaqif yenə sarayda idi, lakin onun meyli İbrahim xan tərəfdə idi. O, Qarabağ övzaını gizli olaraq yazıb, Cara göndərir və İbrahim xanın qayıtmasını istəyirdi. Onsuz da İbrahim xana Dağıstanda xoş keçməyirdi. Cavad xanın fitnələri sayəsində İbrahim xanın oğlu Talıbxan bəy orada öldürülmüş və özünü də öldürtmək üçün tədbirlər görülürdü. Bu barədə Cavad xan Məmməd bəylə danışıq belə aparırdı. Vaqif məsələni yeni bir məktubda ətraflı olaraq yazıb Səfərə verdi və təcili olaraq Cara yetirməsini xahiş etdi. Səfər məktubu çarığının içinə qoyub, evinə qayıdarkən, onu Məmməd bəy uzaqdan gördü. Səfərin arabir çarığına baxdığının fərqinə vardı. O saat buyruq verib, Səfəri tutdurdu. Məktub çarıqdan çıxdı və Vaqifin Məmməd bəyə qarşı bəslədiyi fikirlər açıldı. Səfər zindana salındı, Vaqif ilə oğlu Qasım ağa da tutulub, Xəznə qayasından atılmağa məhkum olundu. İsti bir gün idi. Vaqif ilə Qasım ağanı Cıdır düzünə tərəf aparırdılar. Qoca şair diki çıxdıqca töyşüyürdü. Onun dodaqları və boğazı tamamilə qurumuşdu. O, bir az dayanıb, nəfəs aldı, sonra zəif bir səslə: – Bir az su olsaydı da! – deyib, cəlladların üzünə baxdı. Cəlladlardan biri istehza ilə: – Nə təfavütü var, – dedi, – qarnında gora gedəcək. Bir az sonra səni “Xəznə” qayasından elə diyirləyəcəyəm ki, heç ruhun da inciməyəcək. Cəlladın istehzası Vaqifə heç bir təsir buraxmadı. O başqa bir aləmdə idi. Sanki dünyaya yenidən gəlmişdi – hər şey ona təzə və cazibəli görünürdü. Qayaların üstündə bitmiş kəkotu qoxusu ona elə xoş və gözəl gəlirdi ki, elə bil bütün ömründə heç onları görməmiş və qoxulamamışdı. Uzaqda Mədinənin evi görünürdü. Ah o nökər olaydı, adsız-sansız bir nökər, bütün həyatını Mədinənin qapısında qulluq edəydi. Sadəcə bir nökər... Vaqif yenə dayandı, töşük onu boğurdu. Rəngi qaçmış oğlunun üzünə baxıb: – Qasım ağa, bizi hara aparırlar? – dedi. Oğlu sərzənişli bir səslə: – Ağa, – dedi, – bir çoxlarını sən bu yolla göndərmisən, indi də bizi yollayırlar! Dəruni bir əzab Vaqifin üzündə əks etdi. O özünü zorlayaraq, tələsik yeriməyə başladı. Qoy bitsin, tükənsin kimsəyə lazım olmayan bu həyat! Ancaq Qasım ağanın günahı nə idi? Oğul nə üçün atanın oduna yansın?.. O cavandır, ona yaşamaq lazımdır! Vaqif cıdır düzünə çıxan bir yamacda yıxılıb qaldı. Onda irəli getməyə artıq taqət qalmamışdı. Cəllad bir-iki dəfə qolundan dartdısa da, yerindən qaldıra bilmədi. Vaqif zəif, lakin qürurlu bir səslə dedi: – Nə eləyəcəksiniz, elə burada eləyin, heç yerə getməyəcəyəm! Cəlladlar bir-birinin üzünə baxaraq, nə isə danışdılar. Biri qəməsini çıxarıb, Qasım ağaya yanaşdı. Qasım ağanın kölgəsi qalmışdı, o hər bir duyğudan məhrum olmuşdu. Vaqif oğlunun qurbanlıq qoyun kimi uzadıldığını gördükdə qışqırdı: – Amandır! Əvvəl məni, sonra onu! Mənə oğul dağı göstərməyin! Cəllad qulaq asmadı. Vaqif oğlunun xırıltısını eşitdikdə, özünü itirdi. Artıq özünün öldürülməsini heç duymadı – yuxu kimi gəlib-getdi. Kazım yerlisinin öldürülməsini eşidər-eşitməz oğlu ilə bərabər bel-kürək götürüb Cıdır düzünə gəldi. Orada Mədinəyə rast gəldi, Mədinə molla gətirib, çadır qurdurmuşdu, ölülərə qüsl verdirirdi. Kazım Mədinə ilə məsləhətləşib, qəbirlərin yerlərini təyin etdi. Yan-yana iki qəbir qazdırıb, Vaqif ilə oğlunu torpağa tapşırdılar. Hamı fatihə verib qayıtmışdı. Lakin Mədinə orada qalmışdı. O, əziz qəbrə sarılıb, yanıqlı ağılar deyirdi... Kəkotu yenə ətrafa gözəl qoxu saçırdı. * * * 1 Günorta tənəffüsünə 2 Kefsizləmişdi 3 Türkiyə ilə Rusiya arasında 1787-91-ci illərdəki müharibə nəzərdə tutulur. 4 Lavaşa bükülmüş halvaya “hüluş” deyərlər. Dağlar dağımdır mənim, Qəm otağımdır mənim, Lal olubdur, bülbülüm, Viran bağımdır mənim. 5 Azarım 6 Yapraq; mədəni təmizləmək üçün qaynadılıb, suyu içilir. 7 Fələyin mancanağı fitnə daşını sənin üstünə yağdırır, sən də axmaqcasına şişənin (Şişə qalasının) içində gizlənmisən. 8 Məni qoruyub saxlayan mən tanıdığımdırsa, inanıram ki, o, Şişəni daşın içində də qoruyar. 9 Zubovun bir ayağı qayırma olduğu üçün ona camaat arasında “Qızılayaq” deyərdilər. 10 Gecə hamilədir, kim bilir sabah nə doğacaq. * * * Epiloq İki aydan sonra İbrahim xan Dağıstandan qayıtdı. Məmməd bəyin tərəfdarları tutulub, cəllad əlinə verildi. Məmməd bəyə isə Şişəni tərk etməsi işarə olundu. Məmməd bəy Vaqifin arvadı Qızxanımla evlənmişdi, onu götürdü və şahın xəzinəsindən əlinə keçən sərvəti də atlara yükləyib, Qaladan çıxdı. Bir müddət Tərtərin qırağındakı Kələntərli mülkündə yaşadı. Sonra Şirvan xanı Mustafa məktub yazıb, qızını ona verəcəyini və özünü də vəliəhd təyin edəcəyini bildirib, onu Şirvana apardı. Şirvanda Məmməd bəyin xəzinəsi əlindən alındı, özü də zəncirləndi. Mustafa xan atası Ağası xanın və qardaşlarının qisasını almaq üçün Məmməd bəyə işgəncə verərək öldürtdü. Şair Valeh Məmməd bəyi belə tərif edir: Məmməd bəy kimi cəllad – xunfəşan Görməmişdi hərgiz dideyi – cahan, Heyf ki, başadək sürmədi dövran, Getdi ürəyində arzuman, hanı?.. Qızxanım dul qalıb, Sarıcalı Hüseyn bəyə ərə getdi. Bir çapavulda Hüseyn bəy öldürülüb, Qızxanım yenə dul qaldı. Sonra Mustafa xana ərə getdi, iki oğlu olduqdan sonra Mustafa xan onu boşadı. Nəhayət, Qarabağa qayıdıb, mayor Abbasqulu ağa ilə evləndi. İbrahim xan Ağaməmməd şahın cənazəsini böyük hörmətlə götürdüb Tehrana göndərdi. İran ilə dostluğu möhkəmləndirmək məqsədi ilə qızı Ağabəyim ağa ilə oğlu Əbülfət ağanı da Tehrana yola saldı. Ağabəyim ağa Fətəli şahın o qədər xoşuna getmişdi ki, ona hərəmdə baş qadın ünvanı vermiş və özünə də başdan-ayağa inci ilə işlənmiş bir don bağışlamışdı. Lakin Ağabəyim öz vətənini arzulayıb dururdu: Mən aşiqəm, Qarabağ, Şəki, Şirvan, Qarabağ, Tehran cənnətə dönsə, Yaddan çıxmaz Qarabağ! – deyə yazırdı. Şah bunu eşidib, Ağabəyimə darılır. Ağabəyim deyir: – Mən eylə yazmamışdım, yazmışdım ki, “Tehran cənnətə döndü, Yaddan çıxdı Qarabağ!”. İbrahim xan Qarabağın müqəddəratını Iran himayəsində təsəvvür etdiyi halda, Şimalda işlər tamamilə dəyişmişdi: rus ordusu bu dəfə ciddi olaraq Qafqazın istilasına başlamışdı. Sisyanov Gəncəni alıb dağıtmış, Cavad xanı öldürmüş və əhalini belə süngüdən keçirtmişdi. İbrahim xanı da rus himayəsinə girməyə çağırırdı. Mayor Lisaneviç Şişəyə gəlib, danışdıqdan sonra İbrahim xan Gəncənin yanındakı Quraq çayın qırağında Sisyanovla görüşüb, yapılmış müqavilə mevcibincə rus himayəsinə girdi (14 may 1805-ci il). Bu müqaviləyə görə Qarabağ xanı rus himayəsindən başqasına girməyir, qonşu dövlətlərlə rəsmi əlaqəni kəsir; Şişəyə gələcək rus qoşununa mənzil və sursat hazırlayır, ildə 8 min qızıl bac verir, Gəncə-Şişə yolunu qayırtdırır və böyük oğlundan olmuş oğlan nəvəsini Tiflisə zaval göndərir. Bunun əvəzində rus hökuməti Qarabağ xanlığına məxsus torpaqların xanda qalmasını və irsi olaraq övladlarına keçməsini təmin edir və xanlığın daxili işinə qarışmır. Xanlığı müdafiə etmək üçün də Şişə qalasına beş yüz əsgər və artilleriya göndərir. Əlavə olaraq İbrahim xana general-leytenant və vəliəhdi Məmmədhəsən ağaya general-mayor rütbəsi verildi. Rəsmiyyət bitdikdən sonra mayor Lisaneviçin komandasında Şişəyə rus əsgəri gəldi. Təbiidir ki, Şişə Lisaneviçin əlinə keçər-keçməz, müqavilə unudulmağa başlandı, mayor Lisaneviç general-leytenant İbrahim Xəlil xana buyruqlar göndərməyə, tələblər verməyə başladı. Araları son dərəcə açıldı, əlavə olaraq Sisyanovun söyüşlə dolu məktubları İbrahim xanın heysiyyətini qırıb tökdü. Nəhayət, bir gecə Lisaneviç yüz əsgərlə Xan bağında yaşayan xanı əhatə edib, gülləyə basdırdı. Xan, arvadı, uşaqları, nökərləri qırıldı... Səfər hələ Vaqif öldürülməzdən əvvəl zindandan qaçıb, yenə qaçaqlığa başlamışdı. O, İbrahim xan Cardan döndükdən sonra belə şəhərə qayıtmaq istəməmişdi. Kazım yenə şərbaflığında qalmışdı. Dostu Allahqulu isə Tiflisə köçüb, görkəmli bir tacir olmaqla, nəhayət, məqsədinə çatmışdı. 15/XII-1936 - 19/IV-1937-ci il * * * Kitabxana.az · https://kitabxana.az/collections/cemenzeminli-iki-od-arasinda İctimai mülkiyyət (müəllifin vəfat ili: 1943). Public domain (author died 1943). Original text only.