Keçmiş səhifələr Yusif Vəzir Çəmənzəminli (1887–1943) Bir neçə söz Bu kitabçadakı hekayələr təqribən bundan on beş il əvvəl, «Səda» və başqa Bakı qəzetələri sütununda dərc olunmuşdu. 1912- və 1913-cü illərdə ayrıca olaraq «Həyat səhifələri və Divanə» invanlı kitabçalar şəklində meydana çıxdı. O zaman birinci rus inqilabı, umudlarımıza baxmayaraq söndürülmüş və ağır bir irtica Rusyada sakin millətləri boğmağa başlamışdı. Nəticədə bə’zi mühafildə bir naümidlik hökmfərma oldu. Zəif təbiətlilər bədbinliyə üz qoydu. Bir çoxları, «Son bahar» dövrü fikirlərinə qapıldı və məhv oldu. Gəncliyin çox hissəsi enerzisini sərf etməyə zəmin bulamadı, «metafizik» sahəsinə atıldı və gözəl vaxtını dinin mücərrəd vərasətinə həsr etdi. «Cavan»ların təbii yolu qayıb etməsi, bircə çox həyatı şərtlərdən irəli gəldiyi, aşkardır. O zaman önümüzdə həlli icab edəcək böyük məsələlər var idi. Çar istibdadından başqa, türk gəncləri üçün bir də «milli» istibdad və cəhalət movcud idi. Xalqın inkişafı yolunda qara daş təşkil edən bu iki qüvvə bir-birilə sıxı bir rabitə də idi. Birinə endirilən zərbə ötəki tərəfindən dəf’ olına bilirdi. Gəncliyin vəzifəsi: bütün qüvvət və qüdrətini toplamaq və iki başlı istibdadı bir zərbəyə qurban etmək idi. Böyük proletar inqilabı imkan verdi və istibdad hankı şəkildə olursa olsun öldürüldü. Bu gün istibdadın yıxdığı və yıxıldığı yerdə yeni bir quruluş təsis etmiş; həyat təzə bir yola girmiş. Cavanların toplanmış enerzisi faydalı bir sahədə sərf olunur – «metafizik» yerinə texnik, movhumat yerinə müsbət elmlər, cəhli yerinə maarif və mədəniyyət, millətlər ədavəti yerinə millətlər qardaşlığı hökmfərmadır. İndi əvvəlki kibi deyil – həqiqi müsavat şiarı, qadınları da iş başına çəkdi, bunlar da vətəndaşlıq vəzifəsinə vaqif bir şəkildə yeni yapılan binaya öz əməklərini sevə-sevə sərf edirlər. «Keçmiş səhifələr» dəhşətini qayıb etdi və… tarixə mal olmağa başladı. Yeni oxucularım bu kitabçanı oxurkən onu keçmiş ilə müqayisə etməlidirlər. Onda oktyabrın inqilabının nə böyük feyzlər verdiyini idrak edəcəklər və onu daha da sevəcəklər və bənimsiyəcəklərdir. * * * Xanın qəzəbi (Keçmiş məişətimizdən) Xan səsə yuxudan ayıldı. Əvvəl qulaqlarına inanmayıb durdu, yatacağın üstə oturdu. Amma səs onun səsi idi, bunda şübhə etmək olmazdı. Xan acığından şəpqulahını başına basıb bir az vəhşi heyvanlar tək nərildədi. Başını pəncərədən çıxarıb bir də qulaq asdı: Səs mehtər Zamanın səsi idi. – Mən onun başını bədənindən aralatdıraram, onda bilər ki nökər bayatı deyib xanı yuxudan oyatmaz – xan öz özünə mırıldanıb başladı, hirsindən saqqalının tüklərini yolmağa. Dudaqlarını gəmirə-gəmirə bir də pəncərənin qabağına yeriyib belə çığırdı ki, xanım yatacaqdan dik atıldı: – Onda bilər ki mən kiməm, bilər ki mən xanam o nökər! Bir də xanın yumruğunun zərbindən pəncərə cilik-cilik olub yerə səpildi. Ev adamları tamam yuxudan ayılıb qorxularından zağ-zağ əsdilər. Mehtər Zamanın dünya vecinə deyil idi, əlində dəsmalında sovqatı, ayağında qıyraq çarığı, şəhərin yavıqlığındakı kəndə nişan başlığa gedirdi. Hərdən nişanlısını yadına salıb oxuyurdu. «Mən aşiqəm gül bağda Bülbül bağda gül bağda Sənsiz bağa girmənəm Xəzəl olsa gül bağda». Kəndə yavıqlaşdı. İtlər hürüşdülər; kanar damlardan bir adam çıxıb tutqun səs ilə öskürdü: bir ayrı yerdən də uşaq ağlamağı eşidildi. Sonra səs-səmir kəsilib, kənd böyük bir sükuta qərq oldu. Zaman bir bayatı da dedi. Səsə bir qız çıxıb çəpərə tərəf gəldi. Zaman nişanlısı ilə görüşdü, sovqatı verdi və sonra üzünə həsrət ilə baxıb, onu bağrına basdı… Zaman şəhərə qayıdanda gün hələ çıxmamışdı. Onadək xan qəzəbindən yuxuya getmiyib, saqqalının tüklərini yolurdu. Zamanı eşik ağası işdən agah etdi, biçarə xanın ayağına yıxıldı və gözlərinin yaşını tökdü. – Xan, atam sənə qurban, oxuyan mən deyil idim! Xan Zamanın sözlərinə inanmaq istəmirdi. Və cavabında yeriyib onun birçəklərindən yapışıb, ayağının altına saldı. Nökər yerə düşüb qəşş etdi. Xan qəzəbindən çəkinmiyib deyirdi: – Üç gün qızıl quşlarıma ət vermiyin, Zamanı da dara çəkin! Nökərlər əmrə tabe’ olub baş endirdilər. Zindanxanada dar ağacı quruldu. Zamanı lüt soyundurub dara çəkdilər. Ac quşlar içəri buraxıldı və qapılar qapandı. Bir gün keçdi. Eşik ağası keçərkən zindandan Zamanın zarıltı səsini eşitdi. Qapını açıb içəri zənn etdikdə, ürək yandırıcı bir mənzərəyə rast gəldi: Zamanın bədənini quşlar didik-didik edib, qan ilə əlvan etmişdilər. Eşik ağası dəhşətdən gözlərini yumub qaçdı, xanın yanına və ağlaya-ağlaya: – Xan məyər sənin insafın yoxdur, məyər Allahdan qorxmursan? Allah yaratdığına o zulum etmir ki sən edirsən!… deyib göz yaşları ilə xanın ayaqlarını islatdı. Xan eşik ağasının sözlərindən mütəəssir oldu, hirsi yatdı. Nökərlərə əmr verildi ki, Zamanı yırtıcı quşlardan xilas etsinlər. Bir dəqiqədə zindanxananın mənhus qapıları açıldı, quşlar tutuldu lakin… Zamanda dirilik əsəri qalmamışdı. * * * «Yeni Fars» Ağa Əli tərəqqipərvər iranlıların ən qeyrətli, ən məsləkli cavanlarından idi. Cəmi vücudu İranın təməddün, nicat və saadət fikirilə dolu idi. Qantorların birində az maaşa qulluq edən cavan həm ailəsini dolandırıb, həm də milli vəzifəsini ifa edirdi. Qəzetlər yazıb bir dəqiqə nəfli qiraətdən çəkinmirdi. Gərürdün İranlı məktəblərində şura olanda camaata bir səs düşdü; hazırun bir-birinə müracəətlə: «Ağa mirzə-Əli gəldi» deyib gözlərini məclisin yuxarısına tikirdi. Ağa Əli çıxdı… gözləri fikirli siması, ciddi, zehnində guya bir ağır fikir tutub, ehmal tərpənir ki tökülüb məhv olmasın. Ağa Əli irəli yeridi və camaatı bir nəzərdən keçirib ağzını açdı… Məclisdə adətdən kanar sakitlik bərpa oldu. Bir kərbəlayı gözlərini qırpmağa cəsarət, bir məşədi öskürməyə cürət etmədi. Natiq ağzından dür tökürdü, sədəf səpirdi. Xoş sovt ilə söylənən sözlər təkcə-təkcə almas dənələri kibi, düşüb göz şüşələrinə rəxnə saldı: Odlu yaşları yığıb toplamağa bir hacı və bir molla dəsmalı qadir ola bilmirdi. Natiq İranın əsəf-əngiz hali-hazirəsini təsvir edirdi. Qabil, kamil, maharətli bir qələm ilə geniş aydın bir lovhə cızıb hazırunun önünə qoydu: bir tərəfdə mə’murlar camaatın qanını soruvb özləri üçün imarətlər tikirlər, bir tərəfdə ruhanılar öz cibi xatirəsinə «lay, lay!» deyib xalqı cəhalətə, xabi-qəflətə sovq edirlər; seyidlər lotuluğa dini bir rəng verib müftəxorluğa meydan açırlar. Bəylər, xanlar, ağalar, quldurlar… zor və güclərindən istifadə edib, əsnafa olmazın zulum, əziyyət və məşəqqətini edirlər… İran bir zulum bir vicdansızlıq dəryasına dönüb, vətən övladını boğub məhv edir!. Budur bir ayrı lovhə-cəmi İran arvadları, matəm libası geyib, öz günlərinə ağlayırlar. Bilümum mənbəi-tərbiyə və bilxüsusi mənbəi-nicati-müslimin ədd olunan analıq tapdalanıb əzilir. Analar təbii vəzifələrini itirib, aləti-keyf, aləti-ticarət olublar. Kamil ikən naqis, balığ ikən səbi ədd olunub qəyyimlər riyasəti-cahilanəsinə veriliblər. Bunlar arvadları xırda vaxtından ərə verirlər, döyürlər, söyürlər; kəbin altında neçə illər saxlıyırlar, çürüdürlər. Ömürləri zəhərlənir, şəxsiyyətləri təzyiq altında itir… Arvadlarımızın ictimai vəziyyətləri fənalaşdıqca, uşaqlarımızda tərbiyəsiz böyüyəcəklər; tərbiyəsizdən də vətən mühafəzəsi, millət qeyrəti gözləmək olmaz!… İran batır! İran fovt olur gedir! O qoca İran bu gün-səbah əcnəbilər arasında təqsim olunmağa hazırlanır… Natiq nitqində davam edirdi. Yenə əvvəlki kibi xoş sovt, sözləri aydın, simasında ciddi bir səmimiyyət, qəlbi bir iztirabi milli ilə dolu. Hazırun da əvvəlki minval ilə sakit, samit, gözləri natiqdə, qulaqları dürdanə yığmaqda. Natiq qurtardı, son sözləri: Yaşasın İran! Ölsün qanını soran mə’murlar! Məclisdə top kibi açılan alqışlara səbəb oldu. Hazırun bir-bəbir natiqin əlini sıxıb izhari-riza və məhəbbət etdilər belə də şad, belə də baxtiyar evlərinə dağıldılar. Ağa Əlini tanımıyan yox idi, onun millətçiliyi hamıya mə’lum idi. İran və Qafqazda bir qəzetə yox idi ki, onun nitqilərini dərc edib oxucularına mə’lum etməsin. Tehranda yeni fars mühafillərində ağa mirzə-Əlinin fəaliyyətinə artıq mə’na verilib, böyük umudlar bağlanırdı. Bir gün Ağa Əlini qonsul çağırıb Xanviran şəhərinə rəisi-nəzmiyyə tə’yin olunmağını xəbər verdi. Üç gün çəkmədi Ağa Əli qantordan iste’fasın verib, yığışıb İrana getdi. * * * Bir il keçdi. Bu bir ildə Ağa Əlidən bir aydın xəbər belə bilmədik. Hərdən Xanviran şəhərindən gələn qasidlər xəbər verirdilər ki, Ağa Əli-xan dalında yüz qazax, hakimlik eliyir: basır, kəsir, öldürür, döyür; cəmi şəhər və ətrafı ona tabe’dirlər; «Öl desə, borcları dır ölsünlər». Özünün də yaxşı imarəti, nökər-naibi, fərraşları… kisinin cəlalı var! Bir də rəfiqlərindən biri deyirdi ki, Ağa Əli-xan yazıb məndən yaranal sırması (çin) və şaşka istəmişdi, mən də köhnə paltar satanlardan bir cüft yaranal sırması və şaşka alıb göndərdim. Daha bunlardan savayı Ağa Əli barəsində bir ayrı əhval bilə bilmədim. Bir axşam balqonda oturub, çay içdiyim yerdə gördüm küçədən toz qopdu: qabaqca iki fayton arvad uşaq, dalca üç dörd ağır yüklü araba gəlirdi. Faytonun birində Ağa Əlini tanıdım. Bir ay çəkmədi Ağa Əlinin üç dörd yerdə böyük mülk almağını eşitdim. Xəbər verdilər ki, Ağa Əli banqa neçə min manat pul qoyub; deyirdilər: İrandan gələndən bəri neçə min manatlıq xalı, daş-qaş və qızıl satıb. Xülasə bir il bundan qabaqkı millətpərəst qantorçu bu il bir dəfə də olsa daha millətin adını tutub yad etmir. Dünən küçədən ötürdüm, bir də gördüm bir darvazaya üç dörd baş gözləri açıq arvad yığılıb, daş ilə qapını döyəcləyib sındırırlar və ağızlarına gələn fühşü verirlər. «Binamıs, – deyirdilər – dörd arvadı qoyub hələ gəlib rus qızı da saxlıyırsan! Yeyə durmayacaq idin, bizi İrandan gətirib niyə avara qoydun?» Arvadların səsinə qapı açılıb köynəkli bir cavan çıxdı. Cavan arvadları görcək əlini daşa atıb, istədi bunları vursun, bir də arvadlar tökülüb cavanı basmarladılar. Bir dəqiqədə cavanın paltarı əyinindən şır çıxdı. Arvadlar cavanın baş gözünü yolub, qol qılçasını dişlək və çimdikdən çıxardılar. Cavan gördü bunlar bunu öldürməmiş əl götürməyəcəklər – baş götürüb köynəkçək aşağı qaçdı. Bu cavan bizim vəqəmizin qahramanı, yeni fars idi. * * * Divanə Cavan qız sinni-şəbabətə yetişmişdi. Zahir və batinində çocuqluq əsərləri məhv olub gedirdi: boy ucalıb, gəysu dolğunub, simasında da ayrı məlahət görünürdü. Sitarənin könlü daha əyləncələr diləməzdi, fikirindən də uşaqlar ilə laqeydanə oynamaq keçmirdi. Axşamadək Sitarə pəncərənin önündə oturub xiyalatda idi; bu xiyalat həyatə və məişətə doğru idi. Sitarə pəncərədən bağçaya baxırdı: çiçəklər, otlar, güllər bahar günəşinin ılıq şuasının altında ruhlanıb, təravətlənib, gözəl qoquyurdular; quşların hərəsi bir nəğmə oxuyub, insana ləzzət verirdi. Sitarə bunlara baxırdı, şad olurdu, durub həyətə gedirdi və hər çiçəkdən birini dərib; hər güldən bir yarpaq üzüb, hərəsindən də bir həzz aparıb bir lətafət anlıyırdı. Sitarə bağçanı dolanırdı, fırlanırdı. Güldən çox gül, çiçəkdən çox çiçək. Lakin ürəkdə bir aramlıq, ruhda bir sakitlik yox idi. Sitarə ixtiyarsız çiçəkləri əldən yerə tökub, yenə pəncərənin önünə çəkilirdi. Və başını çiyninə qoyub fikirə gedirdi. Sitarənin xiyalında bir cavan oğlanın əksi nəqş bağlamışdı. Bu oğlan Sitarə kibi zərif, lətif bir cavan idi; gecə gündüz Sitarə ilə gəzib dolanardı. Bunlar bir birinə əşq yetirib, bir can bir cəsəd olmuşdular. Dadlı, dadlı, söhbətlər, səfalı, göz yaşları, bunların həyatını saadət nuru ilə ışıqlandırdı. Qız xoşbaxt, oğlan xoşbaxt – ikisi də əl ələ verib şad və xürrəm diriliyin geniş bağında ömür sürürdülər; gül yığıb, çiçəklər dərib, qoxusundan ruhipərvər olurdular. Onda Sitarənin ürəyi aram tapıb ruhu sakit olurdu. Sitarə tamam xiyalat aləminə qərq olub dünyadan xəbəri yox idi. Evdə bir söhbət olardımı, yeni bir iş ittifaq düşürdümü – bunların heç birindən Sitarə agah olmazdı. Bəlkə arvad qonaqları gəldikdə, onlara görünüb, çaydan xərəkdən verib, yenə o biri otağda pəncərənin önünə keçərdi. Bir gün Sitarə gördü ki evə iki üç arvad gəlib, anası onu yuyundurub geyindirib qonaqların qabağına göndərir. Qonaqlar isə qıza zənn ilə baxıb, sonra anası ilə pıç-pıç danışdılar. Üç gün keçmiş haman arvadlar yenə bir ayrı arvadlar ilə dübarə gəlib, danışıb getdilər. Üçüncü dəfə gəlib, yenə danışıb, gülüşüb, bir tirmə şal da qoyub yola düşdülər. Birdən Sitarə hamamda eşitdi ki, onu ərə veriblərmiş. O gündən cavan qız toyu aramsız gözlüyürdü. Şirin xiyalata meydan verib, Sitarə yenə məşuqi ilə ömür bağçasında gəzib dolanırdılar, yenə gül çiçək onlar üçün qoquyurdu, yenə bülbül xoş nəğməsi ilə onların saadətli günlərini alqışlayırdı. Dünya bir cənnətə dönmüşdü. Hər şey mənbəi-həzz idi, zəhmətdən məşəqqətdən xəbər yox idi: axşamadək gözəl imarətdə, göyçək, bağçada, zərif çiçəklər arasında bir birinə lətafətlər bəxş edib, kamiyab olurdular. Dadlı cavanlıq şərabından içirdilər, içirdilərsə də, şərab qurtarıb axıra çıxmaq bilmirdi.... * * * Sitarə xiyalatdan ayıldı. Yengələr ona gəlin otağında «tə’lim» verirdilər. Bir də dışarıda şıqqıltı gəldi, sonra otağın qapıları açıldı, içəri bir kişi itələyib saldılar.... Sitarə ilk dəfə dünyaya həqiqət nəzəri ilə baxdı: cavan qızın qarşısında xiyali məşuqi əvəzində doğruçu əri durmuşdu; və bu «ər» deyilən o qədər çirkin, müsünn və zəriflikdən uzaq idi ki, Sitarə üzünü ondan döndərib, gözlərinin yaşlarını saqlıya bilmədi.... Gecənin bir yarısı idi. Sitarə ərini yuxuya verib, otaqdan çıxdı, və bir dəqiqə çəkmədi ki küçədən ayaq yalın və baş açıq qaçmağa üz qoydu. Sitarənin daldalanmağa bir yeri yox idi; atası evinə də getməyə qorxurdu. Bunun üçün qarşısına gələn xaraba bir daxmaya soxuldu.... Təklik, xarabanın vahiməsi, qaranlıq gecə... bunların heç biri ərindən qaçmış cavan gəlinə əsər edə bilmirdi; ancaq umudun allanmağı, arzının puç olması, odlu göz yaşlarına səbəb olurdu.... İki gün sonra acından taqətdən düşüb bət-bənzi qaçmış qızı xarabadan tapdılar. Sitarə ata anasını görcək qəhqəhə çəkib uca səs ilə gülüb deyirdi: – Bilirsiniz! Nişanlıma gül yığmağa getmişdim. Bağçamızda nə qədər gül var, çiçək var hamısı nişanlımındır. Özgəyə verməyəcəyəm!... Ata anası onun sözünü kəsib acıqlı deyirdilər: – Kəs səsini, biheya! Namısımızı yerə soqdun! Sitarə bunların cavabında yenə qəhqəhəsində davam edib deyirdi: – Siz allah o çiçəkləri dərməyiniz! Qoyunuz qalsın nişanlıma; axır mən nişanlımı çox istiyirəm! Atası bir ağac götürüb qızını döyməyə başladı. Bu halda arvad ağlaya-ağlaya ərini tutdu: – Allah bunu götürməz ki sən onu döyürsən, görmürsənmi nə dərdə düşüb... Sitarə divanə olub!... Evimiz yıxıldı, ay kişi! Arvad sözünü qurtarmamış Sitarəni qucaqlayıb hönkürdü. Kişi də qızına zənn ilə baxıb, ağacı əlindən salıb hönkürtmə ilə ağlamağa başladı. * * * Müsəlman arvadının sərgüzəşti «Dədəmin övladı olmamağına görə nəzir eliyir ki, bir qızım olsun seyidə verim. Odur ki məni on bir yaşıma tamam olanda Mir Qasım adlı bir qırmızı saqqala ərə veriblər. Bir ildən sonra seyid yox oldu. Ora seyid, bura seyid? mə’lum oldu ki, seyid kəntdə evlənib bir uşağı da var. Dədəm məni gətirdi evə. Üç il qalıb «kəbinim halal, canım azad» deyib, seyiddən ayrılışdıq. Bir azdan sonra kəbinim sövdəgər hacı-Kərimə kəsildi. Gəlin hamamından çıxanda, cahıllar tökülüb, məni Şərəf oğlu Zamana götürüb qaçanda, bizimkilər də bir tərəfdən çıxdılar. Arada bir neçə adam ölüb bir neçəsi yaralandısa da, məni Şərəf oğlunun əlindən ala bilmədilər. Köhnə kəbin pozulub, təzə kəbin kəsildi. İki il yarım keçdi. Bir gün ərimin qanlı meyitin evə gətirdilər: məhərrəmlikdə deyib «mən dəstəbazı çəkəcəyəm», bir ayrısı deyib «xeyir mən çəkəcəyəm» sözləri çəp gəlib ərimi vurublar ölüb. Ondan bir yetim ilə yeddi il evdə dul qaldım. Hana toxumaqdan barmaqlarım topal oldu, su daşımaqdan çiyinim yara, dədəm də mənə çörək verməkdən təngə gəldi. Axırda məni götürüb dua yazan bir İranlıya verdi. Tahı, sevindiyimdən gecə gündüz yatmırdım, deyirdim: «Allah, qurtardım hananın üzündən». Molla da, adam öləcək, pis adam deyil idi: əlinə düşəni bozbaşa verirdi, yeyirdik. Döyəndə də özgə kişilər kibi çox döyməzdi. Qaburğalarıma, qarnıma, beş altı təpik salandan sonra ürəyi soyuyurdu. Xülasə elə güc ilə rahat olmuşdum, bir gün molla gəldi ki gedirəm. «Ay balam hara?» – Bəs «Qasid kağız gətiribdir ki İrandakı arvadım qaçıb oğlum uşağım yaman gündədir». Haray həşir, tahı həşir hara çatar: molla çıxdı, getdi. Yenə qayıtdım atam evinə. Uşağım bir idi oldu üç, dədəm başladı gündə məni məzəmmət eləməyə: «Getdin bu küçükləri də dalına qoşdun gətirdin»... Üç aydan sonra toya getdiyim yerdə, məni bir doğmuyan arvadın üstə götürüb qaçdılar və ortalıq sakit olunca aparıb mollanın evinə qoydular. Günüm eşitcək mənə belə sipariş eləmişdi: «Gül gülüstan üstünə Şeh düşdü bostan üstünə Gedin deyin o tülküyə Gəlməsin aslan üstünə». Doğrusu günümə çox acığım tutdu, mən də ona belə sipariş elədim: «Gül gülüstan üstünə Gün düşdü bostan üstünə Gedin deyin o «aslana» Dağ gəlir aslan üstünə». Xülasə kəbin kəsildi, aralıq sakit olan kibi ərim məni apardı evinə. Bunun çubuqdan hörmə bircə otağı var idi. Bir tərəfdə günüm olurdu bir tərəfdə mən. Bir gün olmazdı ki davamız düşməsin: bir birimizin hörüklərini çıqartmıyaq, üzünü cırmıyaq, günüm gündüzlər mən ilə dalaşardı, gecə ərimlə. Ərimin yanında mənim əsnaf qızı olmağıma rişxənd eliyib deyirdi: «Mən aşiq gözəl alma Tutubdur gözəl alma Əsil al çirkin olsun Bəd əsil gözəl alma». Məndə bunun qabağında: «Mən aşiq gözəl oxlar Tutubdur gözəl oxlar Çirkin oxluya bilməz Oxlasa da gözəl oxlar». Deyəndə, ərim mən tərəf olurdu, günüm qalırdı yana-yana... Aradan bir az keçdi, allah vurdu mənə bir oğlan da verdi, ərimin mənə tahı da məhəbbəti artdı, günümün də sözü ola bilmədi; ha vaxt dindi, ərim ilə basıb döydük. Yaxşıca rahat olmuşduq, birdən hardansa qarnı yanmış molla gəlib çıxdı. Ərim də tərs kibi evdə idi. Bunların davası düşdü. Ərim mollanın başına bir aftaba vurub öldürdü. Divan zad töküldü, ərimi tutdular.... İmdi üç ildir ki ərim Sibirə gedib, heç səs soraq yoxdur; mən də dörd yetim ilə damın altında acından ölürəm...» * * * Cuma axşamı Kərbəlayı Həsən axşam bazardan qayıdanda paltarını soyunub, şəbkülahını geyinib, zircamədə gəldi süfrənin başında oturdu, və arvada tapşırdı ki, arvad, sən atayın goru bu gecə ölülər gələcək, elə dolanaq ki dava şava olmasın, bəlkə rəhmətliklərin ruhları şad qayıda gedə. Arvad ərinin cavabında başını aşağı salıb dinmədi və qaşlarını qovzuyub ağzını büzdü. Arvad elə bil bunun ilə onu demək istəyirdi: «Oyana get, ağrım sənin ürəyinə, mənim səndən zəhləm gedir». Arvadın Kərbəlayıdan onun üçün zəhləsi gedirdi ki, bunu ərə lap uşaq vaxtından vermiş imişlər, belə ki Kərbəlayı Həsən saqqalının ağarmış yerlərini həna ilə təmir edəndə, arvadı küncdə oturub gəlin oynadarmış. Kərbəlayı arvadı bir işə zada göndərəndə arvad qaçarak gedib yenə cəld geri qayıdardı və sevinə sevinə gəlinlərini bağrına basıb üzlərindən öpərdi.... Xülasə, kələm dolması ortalığa gəldi. Kərbəlayı üç uşağını məcməinin kənarında oturtdu və hərəsinin qabağına bir iki dolma salıb əziklədi. Arvad da süfrənin bir tərəfində oturub, ürkə-ürkə əlini qaba uzatdı. Kərbəlayı-Həsən ucadan «bismillah» çəkib dolmanın birini buğlana-buğlana ötürdü, və hərarətdən gözləri yaşarmış: – Arvad atayın payı olsun! Dolma deyil lap behişt ne’mətidir! Arvad kişinin cavabında yarı şad və yarı nəfrət izhar edən gözlərini qovzuyub yavaş səs ilə: – Onun üçün də qədrim bilinir. – Ay arvad qədrini bilmiyib nə qayırmışam? Vallah həmişə dəllək Bayramın dükənində deyirəm ki bizim arvadın dolmasını heç bəy xan evində də pişirə bilməzlər. Arvad yenə ağzını büzüb kinayə ilə: – Çox soyuqluq oldu, dəllək Bayram bizə don biçdi. – Ah, ay arvad, bircə gəz bu dilini yaxşıya tərpədə idin. Arvad bir az hırslı: – Yaxşıya tərpətmiyib nə qayırıram? Hansı cavanə zəndən pisəm? Kürkü düşüyün birisən, hələ sənə bu dil də azdır. Kərbəlayı tikəsi əlində qaş qabaqlı, üzünü kənara çöyürüb dodağında: – Zalım qızının dilindən zəhər yağır, zəhər! Vallah əgər bir adam buna bir gün çörək verib saxlıyarsa da? Arvad əlini dolmadan çəkirdib, bir az da hırslı: – Sənin çörəyinə ki qalmamışam, vermə!... Sənə də it gəlməzdi ki mən gəldim! – Mürtəd qızı, mürtəd! Qoymuyacaqsan bir tikə çörək yeyim? Kərbəlayı gücü gəldikcə çığırdı, və hirsindən tikəsini yerə çırpıb üzünü süfrədən çöndərdi. Uşaqlar gah dədələrinə, gah nənələrinə baxıb xırda ağızlarını büzdülər və gözlərinin yaşını od kibi tökdülər. Arvad kişinin söyüşünü eşitcək acığından məcməini gücü gəldikcə kişiyə tərəf itələyib çığırdı: – Bu cuma axşamında ağzını dağıtma, dediklərin öz ölünə getsin!... Mənim ağzımı açma.... – Axmaq qızı! Ağzını açıb mənə nə qayıracaqsan? Atayın ələngə sümüyünü.. ağız pambığını... axmaq qızı, sən mənim on iki ildir ömrümü qaraltdın!.... – Sən mənimkin qaraltdın, xortan oğlu xortdan! – Nə deyirsən nə? Nə? Kərbəlayı-Həsən yerindən sıçrayıb, arvadı saçladı, və baş göz demiyib hər yerinə yumruqdan döşədi. Arvad qışqırdı, uşaqlar çığırışdılar; məcməi üzü quylu çönüb dolmanın hərəsi evin bir quncuna diyirləndi. Kişi arvadda sağ yer qoymadı; ağzının burunun qanını bir yerə qatdı; hörüklərini qoparıb kürək və qabırqasını əzik-əzik elədi. – Bu saat qazı gəlsin boşuyuram!... On iki ildir biz belə ömür keçiririk, belə güzəran ediriq, buna dağ dayanmazdı ki mən dayandım!... Ay uşaq, mənim paltarımı, fanusumu buraya gətirin, qazının dalınca gedirəm!... – Ay dədə sən allah getmə! Sən allah getmə! Bəs biz necə olarıq?... Uşaqlar mələşə-mələşə dədələrinin ayağına töküldülər. Kərbəlayı razı olmadı: oraya buraya yüyürüb qurzağını axtarırdı. Uşaqlar bir də mələşdilər, bir də yalvara-yalvara dədələrinin ayağına töküldülər. – Ay dədə, bəs biz necə olacayıq?... Ay ay ay!... Uşaqların gözlərinin yaşı tahı durmurdu; ağlamaqdan az qalırdılar zəhrəçək olsunlar. Kişi uşaqların hərəsini bir tərəfə vurub, axırda əlacı kəsilib, söylənə-söylənə getdi divarın dibində oturdu: – Mən bu on iki ildə evdə bircə qəpiklik ləzzət görmədim! Gedirəm özümü oda gözə vururam, pul qazanıram, bu xarabaya gəlirəm ki bir tikə rahat olum – bura da belə! İl uzunu qaş qabaqlı: dinməz, deməz, danışmaz; dindirsən də cavab verməz. Balam, mən sənin atanı öldürməmişəm: mən sənin sahıbınam, mən səni saqlıyıram, çörək paltar verirəm, gərəkdirmi sən də bunun qabağında mənə qulağ verəsən?... Pərvərdigara sənə min şükür! Əvvəlki arvadı mənim əlimdən aldın, ikimci başıma «tənbəki oyunu» açdı, onu boşadım: bu da bu!... Bu da, bu mürtəd qızı, ləməzhəb qızı...! Kərbəlayı-Həsən yenidən qızışdı, yenə qalxdı ki qazının dalınca gedirəm, uşaqlar bir də mələməyə başladılar, ev yenə səs küy ilə doldu. Kərbəlayı bir də sakit oldu, yenə divarın dibində oturub, öz özünə deyindi. O qədər deyindi ki axırda yorulub oturdu. Arvad da sandıqların yanında oturub, sübhə kibi öz gününü ağladı. – On iki ilin arvadıyam, amma heç bilmədim gün haradan çıxdı, harada batdı. Günüm həmişə ağlamaq ilə, ah zar ilə keçdi! Bir tikə vaqtımdan qoca bir kaftara gəlin gəlib, bilmədim, uşaq adam, evin ağır işinin dərdini çəkim, yoxsa kişinin qəmini yeyim. Gəlin gələndən sonra mən yazıq iki il sərasər ağladım! Deyirdim allah, yenə gecə olacaq, yenə kişi gələcək?–Mən bilirəm kişinin gəlməyi yaxınlaşanda nələr çəkirdim!.... Pərvərdigara, sənə min şükür! On iki il gecəm gündüzüm göz yaşı ilə keçdi! Sənə min şükür, belə ər qismət elədiyin yerdə!!!... Arvad danışdıqca odlanıb gözünün yaşını sel kibi axıtdı. Ağlayırdı, ağlayırdı, sakit olurdu və sonra gözlərini bir evə gəzdirib uşaqlarının quru yerdə yuxu tutduğunu görüb, gözü ərinə sataşanda bir də on iki ildə keçirdiyi ömür gəlib qabağında dururdu və yenidən arvad ağlamağa başlayırdı. Bu minval ilə ər arvad sübhə kibi oturub, hərə ürəyində bir dərd çəkişdirirdi və belə də gözləri yaşlı günün ilk şuasını qarşıladılar. * * * 1905-ci il Köhnə imarətin yuxarı mərtəbəsinin pəncərəsindən uzun bığlı və zəhimli bir baş çıxıb neçə dəfə «Alı, Alı!» deyib çağırdı, səsə artırmanın altında at axırlarının qabağında uzanan nökər Alı öz özünə belə cavab verdi: – Boğazına biləyim, ay Məhəmməd Səfi ağa! Elə bilirsən qədimki zaman kibi çağıranda səsinə baş üstə gələcəyəm?! Xeyir, o zaman getdi! İmdi bəyin sözünə bir qəpik verən yoxdur! Alı bu fikirləri başından keçirib saman çuvallarının üstə o yan bu yana çöyrüldükdə Məhəmməd Səfi ağa bir də başını pəncərədən çıxarıb çığırdı: – Alı, Alı! Axmaq oğlu axmaq, haradasan səni çağırmıram? Alı yenə bəyin səsinə e’tina etmiyib öz özünə deyirdi: – Tahı imdi, mən də ayılmışam, boğazını cırsan da gəlməyəcəyəm... Bizi xam tovlamışdın, il uzunu işlədib, bir qəpik də vermirdin; kefinə də yaramıyanda baş gözümü əzirdin... Tahı imdi bəy zadə dəbdən düşdü!.... Məhəmməd Səfi ağa bir az səbr eləyib, xidmətçi qızı onun dalınca göndərdi. Alı qıza da cavab verdi ki, mən bəy-məy tanımıram, özüm də elə bir bəyəm! Məhəmməd Səfi ağa bunu eşitcək yerindən tik atılıb, əvvəl otaqda dəli kibi o yan bu yana yüyürdü və sonra divardan tüfəngi götürüb, qapıdan ıldırım kibi çıxdı. Güllü xanım ərinin nökəri öldürmək xiyalında olduğunu gördükdə bərk qışqırıq saldı, və səsə qonşu otaqlarından bəyzadələr çıxıb, Məhəmməd Səfi ağanın əlindən tüfəngi aldılar: – Ay kişi nə olub, Alı nə eləyib! Bircə de biz özümüz onu öldürək. Məhəmməd Səfi ağa bəyzadələrə cavab verməkdən boğunuq səs ilə «buraxın!» deyib dartındı. – A kişi axır nə olub? – Heç zad! Alını öldürəcəyəm! – Bəy dartınmaqdan əl çəkmədi. Güllü xanım bəy zadələri işdən müxbir elədi. Cavan bəylər Alının «nəmək bəhəram»lığını bilib cəld pilləkandan aşağı töküldülər. Bir dəqiqədə Alının belinə on yerdən təpik döşəndi; o qədər döydülər ki, ağzının burnunun qanı bir birinə qarışdı, baş və gözündə sağ yer qalmadı. Alı gördü ki bunu «xurd xəşil» etmiş əl götürmüyəcəklər, yalvarmağa başladı: – Ay bəy, atam sənə qurban! Qələt eləmişəm, başımı daşın yekəsinə dəymüşəm, günahımdan keç! Məhəmməd Səfi ağa «Bundan ürəyim soyumayacaq, kəndir gətirin!» deyib qamçını əlinə aldı. Kəndir gətirdilər, Alını ağa həyətə çəkdirib, tut ağacına bağlatdı. Alı yenə: – Ay bəy vallah məni yoldan çıxartmışdılar, tahı imdi çıxmaram. Məhəmməd Səfi ağa Alının sözlərinə e’tina etmiyib, kamçı ilə onu doyunca döydü, və bir də oğlanlarına döydürdü, bir də dübarə özü döyüb qayıdıb evə gəldi. Alı qanına bələşmiş o günü ağacdan asıla qaldı, gecə də qaldı, sabah da orada idi. Axırda necə oldu onu bilmirik. Ancaq ondan sonra hər vaxtı ki şəhərdən kəndə oxumuş cavanlar gəlib bəy və ağaların əleyhinə sözlər danışıb, rə’yəti «yoldan çıqardanda» rə’yət cavanlara belə cavab verdi: – «Qardaş, qoyun yerimizdə rahat oturaq, siz allah bizi də Alı yolu yollandırmıyın!» * * * «Din ayrı qardaşlar» Qürbət bir şəhərin bazarında iki adam qabaq qabağa gəlib bir-birinə zənn ilə baxdılar. İkisi də əvvəl duruxdu, döyükdü və sonra nəfrət-əngiz bir heyrətdə dönüb qaldılar. – Pa, allah saxlasın, kəbla-Məhəmməd kirvə! Sən hara bura hara? – Allah saxlasın, usta Qarapet! Kefin zadın yaxşıdırmı? Uşaqlar da salmatdırlarmı? «Uşaqlar» sözü usta Qarapeti sükuta apardı. Biçara erməni yaşarmış gözlərini kərbəlayı-Məhəmmədə döndərib dolğun səs ilə. – Eyyi...... Allah mərdimazarın evini yıxsın! Heç uşaqları yadıma salma! Uşaq da getdi, arvat da getdi, ev mülk hamısı getdi, imdi bu qürbət şəhərdə ağ saqqal vaxtımda bir tikə çörəyin dalınca düşüb gəzirəm. – Ay usta, o illər getsin gəlməsin! Yadıma salma: Mənim də başıma az iş gəlmədi! Mən də evdən eşikdən oldum, oğlanlarım qırıldı, bir qızımı öldürdülər, bir balaca uşağım yandı..... mən də imdi bu qürbətdə bir tikə çörəkdən ötrü imanımı satıram.... Usta Qarapet ilə kərbəlayı-Məhəmməd bir birilə lap qədimdən aşna idilər: usta gözünü açıb kərbəlayı-Məhəmmədi erməni bazarında baqqal görmüşdü, kərbəlayı da ustanın müsəlman arasında dərzi olmağını çoxdan bilirdi. 1905-ci ildə erməni-müsəlman davasında, kərbəlayı-Məhəmməd erməni məhəlləsində qalmışdı; Qarapet də müsəlman içində. İki tərəfdə əsirlərin elə düşənini qırıb tərk etmişdilər, ona görə ermənilər kərbəlayı-Həsənin və müsəlmanlar da usta Qarapetin ölməyinə heç şübhə etmirdilər. Bunun üçün də bu iki həmşəhrilər bir birinə rast gəldikdə heyrətə dalıb qaldılar. Bir az sükutdan sonra kərbəlayı-Məhəmməd sadə lovhanə bir maraq ilə başladı: – Ay usta, sən deyirsən arvaddan uşaqdan oldum; mən hələ səni də «öldü» eşitdim. Hələ dedilər usta Qarapetin meyitini sürüyüb dərəyə saldılar. – Ayyi...!... Ay canım, musurmanlar istədi ki mən ölüm, amma allah qoymadı! – Doğrudan da allahsız iş yoxdur! – De gör, kəblayı, düzmü deyirəm ki allah qoymadı. Dava başlanan da ki part ha part düşdü, onda mən dükənimdə idim. Tüfəngli xəncərli musurmanlar üstümə töküldü; qaçdım girdim Kərim (allah onun oğlunu saxlasın, yaxşı kişi imiş) çığıra-çığıra gəldi ki balam öldürmüyün gərək hələ nə təhər olur-qulaq asmadılar. Bu qopoğlu qumarbaz Həsən nədir-mənə iki güllə vurdu. Qan məni götürdü. Yıxılıb oradaca qaldım. Bir vaxtdı, kərbəlayı, ayıldım gördüm ayaqlarıma ip bağlıyırlar: elə bilirlər ki mən ölmüşəm. Qorxumdan səsimi çəkdim içəri. İpi bağladılar, söyə-söyə sürüyüb apardılar. Hələ bilmirəm məni hara aparırlar. Yaralarım ağrıyır, çox vaxt da məzhəb haqqı özümü bilmirəm, ürəyim gedir. Xülasə, kəblayı, məni gətirib bir yerdə qoydular dalımdan da bir təpik vurdular. Getdim. Diyirləndim, diyirləndim düşdüm qaldım... Gözümün qabağı qaranlıqdır, hərdən qulağıma bir gurultu gəlir; sonra yenə heç zad görmürəm, heç zad eşitmirəm, eləcə qalıram ayılıram, ətrafa baxıram-hələ ağlım bir şey kəsmir, yenə yatıram. Bir də ayıldım gözüm dürüst görmürsə də ışığı bilirəm. Deyəsən gündüzdür: fikirimə gəlir ki, məni yaralıyıblar. Öz özümə deyirəm ki imdi musurmanlar gələr məni öldürər. Yadıma balalarım düşür, arvadım düşür, heç zadı bilmirəm. Sonra bir də ayıldım üstümə gün düşmüşdü: gözlərim imdi yaxşı görürdü. Yuxarılara baxdım bura dərə imiş; məni musurmanlar ölü hesab eliyib buraya salıblar. Yenə balalarım yadıma düşdü. Bir az fikirləşdim; gözlərimi dörd tərəfə gəzdirdim: dərədə yatmışdım bircə lağımdan başqa baş təpəcək yer yox idi. Gün, milçək mənə əziyyət verirdi; başımı yavaşca qovzuyub yan yerimə baxdım: heyvan sümüyündən və zibildən savay bir şey görmədim. Ehmal qalxıb allahı çağıra-çağıra süründüm lağıma doğru. Bir az burada özümü toxdadıb yenə fikirləşdim. Yadıma düşdü ki lağım erməni bazarına gedir. Dedim yaxşısı budur ki yerin altı ilə yavaş-yavaş sürünüm gedim. Kərbəlayı, özüm ac, yaralı, lağımda murdar, nəcis, tahı əlacım nədir gərək gedim. Yoxsa ya acından öləcəyəm ya musurmanlar tapıb öldürəcəklər... Bilmirəm gecədir, bilmirəm gündüzdür qaranlıqda sürünürəm: birdən ürəyim gedir qalıram; ayılanda yenə sürünürəm. Bilmirəm bir gündənmi ikisindənmi sonra xülasə gəldim bir ışığa çıxdım: Lağım uçub tökülüb, küçə görünürdü. Nə təhər qorxuram, sevinirəm də. Bir az da süründüm başladım qulağ asmağa. Asdım asdım gördüm ermənicən danışırlar. Nə təhər sevindim, din haqqı gözlərimə ışıq gəldi. Nə qədər ki bacarırdım – ağzımı açıb çığırdım. Ermənilər durdular, qulaq asıb irəli gəldilər. Zarıldadım erməni olduğumu bildilər. Bunlara başıma gələni nağıl elədim. Məni götürüb apardılar azarlıxanaya. Bir iki ay orada qaldım ki yaxşı oldum... Kərbəlayı-Məhəmməd ustanın hekayəsi bitən kibi dərin bir e’tiqad ilə üzünü göyə çəndərdi: – Pərvərdigara! Səndən üzülməyənə heç zad olmaz imiş, sənə min şükür! – deyib əlini ustanın toqqasına atdı. Usta, allah məni də istiyirmiş, ona min şükür! Bax gör mənim başıma nə iş gəlib. Axır özün bilirsən ki biz, dədə-babadan erməni bazarında baqqallıq edirdik, nə erməni bizdən nə də biz ermənidən pislik görməmişdik. Sonralar təzə tərəmələr ki çıxdı, işlər lap xarab oldu. Başladılar nə bilim Daşnaqstundır nədir, düzəltməyə – dədə-baba duz çərəyimiz hərmətdən düşdü. Dava düşəndə dükəni eləcə açıq qoyub Barın Hambarsın gilə qaçıram (kişi ilə neçə illərdi dostluğumuz var), oğlu əlində tüfəng çıxıb məni gülləyə basır. Elə onun gülləsindən qolum şikəst oldu, imdi də işə yaramır. Xülasə, qolumun qanı axa-axa yüyürüb urus İvanofun evinə girdim; darvazanı bağladım, yaxşı oldu ki yerimi heç kəs bilmədi. Bir az durub, yuxarı getdim; İvanofun arvadı qabağıma çıxdı və qolumun qanını görcək rəngi üzündən götürüldü. İvanof özü də gəldi (onlar dinə gəlsin, mənim boynumda çox haqları var), qolumu sarıdılar, bağladılar. İvanof mənə dedi ki, Kərbəlayı-Həsən, bir iş var ki, sənin burada olmağını ermənilər bilsələr gəlib həm səni parça-parça edəcəklər həm də bizi öldürəcəklər. Yaxşısı, budur ki sənə taxtapuşda yer salaq orada dava qurtarınca yat; razı oldum. Qulluqçu taxtapuşda yer saldı, çıxıb uzandım; vaxtından vaxtına pişmiş zad verirdilər yeyirdim. İki gün idi hələ dava kəsilməmişdi. İki tərəfdə bir birinin evlərinə od qoyub, adamlarını qırırdılar. Taxtapuşdan baxırdım: şəhərin hər tərəfindən alav qalxırdı, güllə və top [^p025] səsindən qulaq tutulurdu; küçələrdə bir tərəfdən meyit daşıyırdılar, bir tərəfdən də səngərlərə badron və tüfəng gedirdi. İkinci gecə bir müsəlman da qaçıb İvanofgilə gəlmişdi. Bunu da taxtapuşda qoymuşdular. Sabahı hardansa ermənilər bunun burada olduğunu bilmişdilər. Budu gördüm əli tüfənglilər darvazanı kəsdirib sındırırlar. İvanofun əlacı kəsilib qabaqlarına çıxdı. Buna dedilər ki, ya müsəlmanı ver, ya [^p025]: Ermənilər davada Rus-Osmanlı müharibəsindən qalma köhnə topları qayırıb müsəlmanlara atırdılar. özünü öldürəcəyik. Yoldaşım bunların səsini eşitcək bət-bənzidən olub özünü itirdi. Mən toxdaq idim. Durub yavaşca keçdim qonşu taxtapuşuna, oradaca gizləndim. Bir vaxtı küçədə səs qopdu. Gördüm darvazadan müsəlmanı çıxardırlar. Biçaranın dili batmışdı, ətrafdakılara lal kibi baxıb güc ilə nəfəs alırdı. Bir də neçə yerdən güllə açıldı. Müsəlman yıxıldı. O qədər ona güllə və xəncər yarası vurdular ki parça-parça oldu. Güllə səsi kəsilmişdi. Ətrafımda bir hənirti yox idi: xalq alavı söndürməyə məşğul idi. Taxtapuşdan endim. Həyətdə bir meyit var idi. Bunun cəld papağını başıma keçirdim və qəmərin belimə bağlıyıb tüfəngini də götürüb küçəyə çıxdım... Ermənilər «müsəlmanlar gəlir» deyə, şaşdıqlarından bir birinə qarışmışdılar. Mən də bunlara qoşuldum. Yavaş-yavaş özümü qaranlığa verib alavın ışığından çəkildim ki məni tanımasınlar. Səngərlərə yavaqlaşdım. Orada-burada daşların dalında uzanıb atışırdılar. Fikirim müsəlmanistana keçmək idi. Birdə qabaqdan bir güllə açıldı... yıxıldım.... sonra nə oldu, huşumdan çıxıb ancaq ayıldım gördüm meyitlərin içində uzanmışam tüfəng də yanımda yoxdur. Alav hər yeri ağzına almışdı; gecə belə işıq idi ki, iynə saplamaq olardı; güllə səsi tək-tək eşidilirdi. Başımı daşın üstə qoyub yatdım... Bir də ayılıb gördüm ki hər tərəf öz meyitlərini aparır: barışıq olub. Arvad uşaq gözləri yaşlı, ətrafı bürüyüb, məni də azarlıxanaya apardılar, sonra yaxşı oldum. Usta Karapet, allah mərdimazara lə’nət eləsin! O illər çox pis illər idi!... Hər nə də oldu biz kasıb, biz fəqirlərə oldu! – Eyyy..! Ay Kəblayı, allah mərdimazarın evini yıxsın; davanı saldılar evimiz yıxıldı. – Elə yıxıldı, yurdumuzdan, balalarımızdan olduq; davadan da heç kəsin əlinə bir şey gəlmədi... Canım axır mən sənnən niyə dalaşım! Sən mənim din ayrı qardaşımsan; sənnən dədə-babadan bir yerdə olub, rahat dolanmışıq. – Eyyy...! Eləcə rahat dolanırdıq, allah mərdimazarın evini yıxsın!... Erməninin gözləri yaşardı və başını tərpədə-tərpədə ötüb getdi. Müsəlman da göz yaşlarını çuxasının ətəyinə silib yola düşdü. * * * Məşədi və Kərbəlayı – Ə, Kərbəlayı, vallah elə vuraram ölərsən! – Vurmuyan çox pis adamdır! – Sarsağın sözünə bax? – Sarsaqsan da hələ də! Məşədi hirsindən özünü saxlıya bilmədi, çəpərdən sıçrayıb Kərbəlayıya bir elə yumruq ilişdirdi ki, Kərbəlayının qarpuz bərgü bir saat diyirləndi. Çırpışma düşdü. Bir azdan sonra Məşədi parçalanmış yaxası ilə qayıdıb evə gəldi, Kərbəlayı da əzilmiş başı və cırılmış büzməsi ilə sallanıb yolu ilə getdi. Məşədi deyir ki, Kərbəlayı naməhrəm ola-ola çəpərin altından ötəndə durub, arvad uşağa tamaşa edir, Kərbəlayı da deyir ki cırılmış büzməmə gərək yüz büzmə cıram, özü də Məşədinin baş gözünü əzməmiş əl çəkməyəcəyəm. Sabah tezdən Kərbəlayı başı mıxçalı çomağı götürüb Məşədinin həyətinə baxıb öysürür. Kərbəlayı öysürmək ilə Məşədiyə bunu demək istiyirdi ki, hünərin var çölə çıx gör necə başını yararam! İşdən müxbir olanlar deyirlər: – Ay Kərbəlayı, gəl allaha bax, başını sal yolun ilə get! – Yox olmaz! – Kərbəlayı, lə’nət şeytana de, çomağı yerə qoy! Yox, Kərbəlayıya hirs qalib olub sülh ilə arası yoxdur – rəngi qaçıb dodaqları titriyir və hirsindən ağzında tüpürcəyi də quruyub qan qoxusu gəlir. Budur Məşədi əlində çomaq çıxdı, Kərbəlayı da qabağa sıçradı. Yenə çırpışma düşdü: birçəklər yolundu, təppə çuxaların büzməsi cırıldı... Bir azdan sonra haraycı tökülüb, Kərbəlayının baş gözünün qanı axa-axa götürüb getdilər; Məşədi də rəngi qaçmış dodaqlarını gəmirə-gəmirə həyətə qayıtdı. Gecə Məşədi şalvarını çıxarıb, ağ tumanlı qılçalarını ocağın qırağına çatıb istirahət etdikdə, birdə gördü zəlzələ qopdu. Çubuq damxa təlatüm etdi. Damın torpağı səpilib ev ilə bir oldu. Məşədi yerindən dik qalxıb həyəcanlı küçəyə sıçradı, bir də gördü ki Kərbəlayı qohum-qardaşları ilə nallara bir əlgən bağlıyıb damxanı dartıb yıxmaq fikrindədir. Məşədi iki əllərini qarnına qoyub elə çığırdı ki, səsinə qohum-qardaş tökülüb, daş-kəsək ilə Kərbəlayıgilin qoparağını götürdülər və başgözlərini də lazımıncə əzdilər. Kərbəlayı lalə-kəfən evə qayıtdı. İmdi Kərbəlayının başı sim eliyib yatır və hərdən şişmiş gözlərini açıb arvada deyir: – Kərbəlayı, ağa-Kişinin qızı, əyər yerdən qalxaram, Məşədinin başını parça-parça elərəm; qalxmaram ki başımın yarılıb, büzməmin cırılmağının əvəzi qiyamətə qaldı! * * * Hacı Həyətdə şirin dəstəməz almaqda idi. Məxrəcdən gəlmə «salavatlar» axşamın sakitliyində qonşulara dağılıb, hacını səmimi «afərin»lərə nail edirdi. Birdən darvazada tappıltı, gəlib, ahista dəqqülbab oldu. Hacı buna əvvəl zərrəcə də e’tina etmiyib, dəstəməzi ikmala yetirdi və sonra «ayətəlkürsü» qiraət edə-edə darvazaya ravan oldu. Hacı darvazanı açan kibi iki qıvraq geyimli adam bir böyük parça tayını içəri saldılar. Hacı acıqlı, lakin qayət yavaş səslə: – Bu saat bunu buradan aparın, mən oğurluq malı almağı tahı, tövbə eləmişəm. – Oğrular hacının üzünə təhqiq ilə ətfi-nəzər edib yavaş və təəccüblü dedilər: – Ay hacı, on beş ildir ki, bizim peşəmiz sənə oğurluq mal satmaqdı. Elə hər dəfə sən bizə deyirsən «tövbə eləmişəm» yenə alırsan... – Onda əlacım kəsilib alırdım: gətirib gecənin yarısı həyətə salırsınız, nə deyim? – Bu səfər də al, sonra görək nə cür olur. – Deyəsən almıyacağam, pulum yoxdur. – Hacı, özün bilirsən ki, ipək parçanın topuna iki manat da versən verəsiyik! Belə malı qapı-qapı gəzdirmək olmaz ki. – Sovdanın gədəyi-oğruların sözlərindən bir az fikirə gedib hacı dedi: ipək parçanın topu bir manat, o biriləri də ipək ayağından hesablarıq. Razısınız əyər gətirin evə açaq baxaq, yoxsa götürün gedin. Allah sizə xeyir versin! Oğrular bir birinin üzünə baxıb hacıya: – Ay hacı, axır insaf da bir yaxşı şeydir, elə ver barı bir şey düşsün. Canımızı ağzımıza alıb gecə sabaha kibi yuxu yatmırıq, dükanları güdürük. – Mən tahı oğurluq malı almağı tövbə eləmişəm, bunu da gətiribsiniz deyib alıram! Sözlərini qurtarıb, hacı bunlardan üzünü döndərdi və başladı «ayətəlkürsü» qiraət eləməyə. Oğruların əlacı kəsilib hacı deyənə razı oldular. Tayı otağa gətirib açdılar. Hacı pulları hesab etdikcə oğrunun biri gülümsünüb deyirdi: Həm... on beş ilin oğrusu olasan, əlindən dünyanın malı, şeyi, daş-qaşı, qızılı gəlib gedə, özün də bir şey yiyəsi olmuyasan!... Hacı oğruların pulunu verib, yola saldı və sonra gəlib parçaları «güman gəlməyən» yerlərdə «xəkriz»lədi. Hacının dəstəmaz suyu hələ qurumamışdı ki, səccadəni təfriş edib üzünü qibləyə çəyürdü və əllərini qulağının dibinə qoyub, pak dil və müqəddəs əqidə ilə namaza şüru etdi. Bu əsnada oğurluq malı «əridib» və hasil olan pulu ağır faizlə xırda dükançılara vermək; oğruların hacılıq ləqəbi ilə müləqqəb olmağına səbəb olmaqları bilmərrə onun fikrindən çıxmışdı. Əhli-təfrid kibi dünyadan aralanıb allah ilə məşğul idi, ruhu və qanı allah əşqi ilə dolmuşdu.... Hacının uca və xoş səvt ilə namaz qılmasına yenə qonşular sənaxan idi. * * * Cavan Cavan otağında gəzib öz özünə fikirləşirdi. Zehni dairəsi, cəmi kainata yayılmışdı: istərdi ağlını təbii məhdudiyyətdən qurtarıb hər şeyi bilsin; intihasız yerləri işıqlandırıb təbiətin dərin-dərin sirlərinə agah olsun. Cavan öz özünə fikir edirdi: – Bir şey bir şeyi xalq edər, bəs o bir şeyi kim yaradar? Cavan öz cavabına: – O bir şeyi də yenə bir ayrı şey yaradar, yaratmasa da yaranmağına səbəb olar! Cavan gəzə-gəzə özünə yenə sual verirdi: – Bəs bir şey ki birini yaratdı, onu da bir ayrısı yaratdı, bu ayrısını da bir qeyrisi; yəqin ki, bu «şeylər»in bir nihayəti də var ki bunların hamısını yaradıb?! Cavan burada öz sözlərini təsdiq edib, bir sual da fikrində keçirdi: – Bəs bu şeyi yaradan şeyin özünü kim yaratdı? Bu suala cavab tapa bilmiyib, Cavan sürətlə otaqda gərdiş eləməyə başladı, və gərdiş etdikcə də çənəsində bitən üç dörd yumşaq tükləri əli ilə burub şişmərlədi. Cavan öz sualına cavab tapa bilmədi: – Tutalım ki tövrat xəbər verən doğrudur: «Allah taala yeri göyü və cəmi gördüyümüz şeyləri altı günə yaratdı.» – bəs ondan irəli nə var idi və onları kim yaratmışdı? Cavan yenə cavaba aciz qalıb çənəsinin tüklərini burmaqda davam etdi. Və burduqca da fikirləşib fikrindən də bir nəticə hasil edə bilmədi: – Axır bircə əzəl nə var idi? «Varı» kim yaratmışdı? Yaradan haradan gəlib?.... Suallar onun başını dəlib çölə çıxırdılar. Cavan yenə fikirdə idi! – Tutalım ki elm deyən də doğrudur: «əcrami səmaviyyə kürə şəklində fəzaya dağılıb və bizim yer də həman kürələrdən olub bir guşədə qərar tapıb.» Bəs bu yerin, bu əcramın əsl maddəsi nədən doğulunub? Fəzanın nihayəti haradadır? Fəza nərədən gəlib və gəldiyi yer nədən əmələ gəlib?... Cavan dəli kibi otaqda o baş bu başa yüyürüb, başından min sual keçirirdi və suallarının hamısına da cavab tapsa idi birinə tapa bilmirdi və dayanıb gözlərini döyə-döyə qalırdı: – Yerlər, göylər, ulduzlar, ay, gün hələ yaranmamışdı: «Dünyada allahdan savayı bir şey yox idi» – yaxşı! Bir şey olmuyanda olmadığı yerdə yenə bir şey olur. Pəs əvvəl allahdan savayı bir şey olmuyanda nə var imiş?.. Yoxsa yoxluq allahdan ibarət imiş? Allah nədən ibarətdir? Cavan yenə gərdiş edirdi. Çox dolanıb yorulub oturdu və əllərilə başını tutub yenə fikirə gedirdi, yenə xiyalı cəmi kainatı cövlan edib, intihasını tapa bilmədi. Bir də getdi əzəliyyətə çıxdı! Oraları yenidən fikrindən keçirib allahdan savayı bir şey olmuyan zamanı təsəvvürünə gətirdi və yenə dürüst fikirləşib özünə əzəliyyətin aydın şəklini çəkə bilmədi: – Əzəliyyət idi, allahdan savayı heç zad yox idi. Allah da sifət deyil, cism deyil, cövhər deyil.... yəqin ki, əzəliyyətin özü allahdır! Pəs yaxşı, o əzəliyyəti kim yaradıb? O haradan gəlib?... Əzəliyyət varmış, varlıqda bir şeydən əmələ gəlir, şey də maddədir. Pəs allahın varlığı hansı maddədən əmələ gəlib və o maddə nərədən götürülüb? Pəs götürülən yer nə imiş? Ondan əvvəl nə varmış, varlığın özü haradan gəlib? Ondan irəli yoxluq nədən ibarət imiş, yoxluğu kim xalq etdi?... Bir birinə zəncirlənmiş minlərcə suallar cavanın fikrini yenidən məşğul etdi: dibsiz nihayətsiz fəzanın haradan gəlib və kim xalq etdiyi yenə onu otaqda gərdiş etməyə məcbur etdi. Gün batdı, toran qovuşdu da cavan fikrindən əl götürmədi. Fikirləşdi, fikirləşdi gözləri dəli gözü kibi çanağında oynamağa başladı, beyni işləməkdən əl çəkdi. Cavan qəribə bir hala düşdü: bir də gördü divarlar buna tərəf gəlirlər, ev şeyləri tamam yerindən qopub otaqda gəzirlər, yer ayağının altından qaçır..... Cavanın başının tükü biz-biz durdu, bədəninə qorxudan lərzə düşdü. Bir də ətrafa baxdı və gücü gəldikcə çığırıb, otaqdan qaçdı..... Neçə dəqiqələr idi ki, Cavan balkona səkənib hissiz qalmışdı. Bədəni hələ yenə titriyirdi. Ağlı az qalırdı, başından çıxsın. Cavan cəmi gücü cəmi varlığı ilə səy eliyib yenə fikirlərindən aralanmaq istiyirdi... * * * Son bahar Sadə bir otaqda çarpayının üstə azarlı bir cavan yatmışdı. Çarpayının aşağı tərəfindən bətbənzi qaçmış ana durub yaşlı gözlərini ciyər parasının üzündən çəkmirdi. Xırdaca qız uşaqları, əlləri qoynunda, hərəsi otağın bir tərəfində oturub mat-məbhut qalmışdılar. Cavan yatmışdı, və hərdən köysünü ötürüb, ağır bir səs ilə inliyirdi. Bu inilti zavallı anaya belə tə’sir edirdi ki, biçarə arvad gözlərini yaşlardan xilas edib daha da zənn ilə balasına baxırdı. Güya bunun ilə onun cəmi dərunini nəzərdən keçirib nazik və cavan ciyərlərini dəlib, fövt edən xəstəliyə çarə arayırdı. Cavan bir iki dəfə şiddətli öysürüb, gözlərini yuxudan açdı. Anası əlini oğlunun alnına qoyub mehriban bir səslə halını xəbər aldı: – Bala yaxşı yatdınmı? Azarlı cavab verdi: – Bəli, amma, nənə... mən ilə əcəlin arasında bir şey qalmayıbdır! Biçarə ana tutğun bir səslə oğluna dedi: – Yazıq deyiləmmi, oğlum! Məyər allah bilmir ki, mənim səndən savayı dahı bir göz tikəcək yerim yoxdur!... Allah eləməsin: sənin başına bir iş gəlsə mən necə olaram?... Arvadı yaş boğdu, daha bir söz söyləməyə qadir ola bilmədi, və başını çarpayıya söykəyib həzin-həzin ağladı. Balaca qızlar analarının belə görcək gəlib onu qucaqladılar, bunların da gözlərindən yaş silab kibi axdı. Cavan zəyif gözlərini anasına döndərib doluxsundu, sonra bir ah çəkib dedi: – Ağlamayın!... Məni durğuzun oturmaq istiyirəm. Ana gözlərini silib tez oğlunu durğuzdu və yastıqları arxasına yığıb oturtdu. – Nənə, nə gözəl bahardır! Ağaclar çiçəkliyib. Evin qabağına bir kürsü qoyun bir az həyətə baxım! Anası şadlığından bilmədi ki nə etsin, o saat oğlunu geyindirib dışqarı çıxartdı. – Bəh bəh! Həyət nə gözəldir! Çiçəklər nə göyçək qoxuyurlar!... Bilirsən, nənə... imdi ömrümün son baharıdır; daha bundan sonra bir də bahar görəcəyimə ümid yoxdur!. Anası gözləri yaşlı oğlunun sözlərini kəsdi: – Qurban olum, ürəyinə pis fikirlər gətirmə! Allah şəfa verəcək elə yaxşı olacaqsan ki! – Yox, nənə! Bu gün öləcəyəm! Elə diqq naxoşluğunun qaydası bunadır ki adam danışa-danışa birdən ölür. Biçarə arvad yenə göz yaşlarını saxlıya bilmiyib, ağlıya-ağlıya dedi: – Ölüm mənimdir, oğlum! Allahdan da diləyim budur ki, səni oxudub bir yana çıxardıb, qabağında ölüm! Sənsiz dünyam qara geyinər! Cavan anasının sözlərindən mütəssir olub ağladı: – Nənə mənim çox-çox zəhmətimi çəkmisən: özün yemiyib geyinmiyib mənə xərcləmisən ki oxuyub, uşkolu qurtaram... gecələr yuxusuz, gündüzlər dincsiz qalıb, işləmisən. Hana toxuyub, pul qazanmısan və damın altında min zillət ilə bir sürü yetim saxlamısan!... Gözünü mənə tikmişdin, mən də belə!... Nənə, tahı danışa bilmirəm: məni halal elə; üzünə bəlkə ağ olmuşam!... Anası oğlunun sözlərindən cuşə gələrək, sıçrayıb balasını bağrına basdı: – Yazıq deyildimmi!? Fələyin dünyası alt üst çönsün. Əkdiyim, biçdiyim, ümidim bir oğlum sənsən! Səndən sonra mən necə olaram? Qapımı bircə açıb girən yoxdur, kimsəsiz damın altında qalaram!... Yox, dilim qurusun! Hamısı od tutub yansın, təki sən sağ qal!... Zavallı ana divanə tək oğlunun başına dolanıb ağlıyırdı, və tez-tez dağınıq saçları ilə göz yaşlarını qurudub öz özünə deyinirdi. Qızlar qardaşının ayaqlarını qucaqlıyıb cansız bir heykəl kibi tərpənməz qalmışdılar. Xəstə cavan yaşlı gözlərilə həyətə son dəfə olaraq baxırdı. Qarşısında dilfirib bir mənzərə iti oxlara dönüb cəmi vücudunu rəxnədar edirdi; o lətif qoxulu çiçəklər zəhər olub nəfəsgahını yandırıb yaxırdı. Bahar həyət ilə mümlüvv idi: otlar göyərib, ağaclar burclamışdı; bənəfşə başını qaldırıb məhcub-məhcub ətrafa nəzər salırdı; hətta cücülər, o xırda cücülər də, dirilib həyətə doğru gedirdilər. Hər şey dirilik suyunu içib ömrə ilk dəfə qədəm atırdı; hər yerdə şadlıq, hər şeydə səfa, hər şeydə həyat, bircə bizim cavan üçün həyat məmata, səfa cəfaya dönüb, qəlbini odlurdu. İstiyirdi o zəif və xəstə bədəndən xilas olub qeyri bir aləmə gedib; əbədi bir həyata malik olsun, yenidən ömür meydanına qayıdıb, təzə bir üsulda, fədakar bir tərzdə imrari-həyat etsin; cəmi varlığını, şəxsiyyətini amal və səadətini cəmiyyət bəşəriyyətin rifahiyyət və tərəqqisinə sərf edib, insanlıq vəzifəsini yerinə yetirsin. Lakin... dirilik günəşi əcəl ufuqunun arxasında gizlənib, məhzun və soyuq olan son şüalarını buraxırdı. Varlıqdan bir əsər, səadətdən bir nişan qalmamışdı... Azar cavana əzab verirdi, daha otura bilmirdi; üzünü anasına tutub dedi: – Nənə, ürəyim pis olur, məni yatacağıma apar! Arvad balasının xahişini əmələ gətirdi. – Nənə, gətir üzündən öpüm, bax məni halal elə!... Bacılarım siz də gəlin öpüşək! Xəstə birbəbir bacılarını zəif əllərilə bağrına basıb duz kibi yaladı: – Nənə, bu kiçik qızları məktəbə qoy oxusunlar. Sən allah bunlara qız deyib əziyyət vermə!... Nənə qızlar da insandırlar, allahın ən əziz məxluqundandırlar! Bunları incitsən allaha xoş getməz!... Xəstə anasını və bacılarını son dəfə olaraq vida nəzərindən keçirib, yaşlı gözlərini divarın bir nöqtəsinə tikdi. Anası çarpayının qabağına yıxılıb sızıltılı bir nalə ilə balasını çağırıb, fəğan edirdisə də, cavab gəlmirdi; biçarə arvad yenə inana bilmirdi ki göz tikəcəyi bir oğlu onu ümidsiz qoyub, həyatdan uzaqlaşır... Balaca qızlar ahi-fəğan ilə saçlarını yolub, qardaşlarının meyitinin üstə töküldülər.... * * * Dəli Mən lap uzaq vaxtından dəli Səmədi tanıyırdım. Görürdüm əllərini solmuş çuxasının qollarına qoyub və çiyinlərini qovzuyub küçənin ortası ilə iti ötür. Həmişə simasında dərin bir fikir, ya cunqul və şirin xiyalat oxunurdu: birdən nazik qaşlarını qırışdırıb və uzun ucu qırma burnunu sallıyıb belə qəmə batırdı, ki, elə bil ömürdən məqsəd bilmərrə görmürdü. Gah da kipriksiz xırda gözləri daralıb, rəngsiz dodaqları gülürdü. Axşamadək peşəsi şəhəri cövlan etmək idi; həmişə də yerişi bir, duruşu bir, fikir və xiyalı bir. Bazarda bəzzazın tərəkəməyə min and ilə şey satmağı, hammalların birçəkləmə davası, baqqalların ağız ağıza verib qatığa müştəri axtarmaları, – heç biri onun zahir və batinində səbəbi təğyir ola bilmirdi. Ancaq bə’zi adamların «ay, dəli Səməd! Ay, dəli Səməd!» deməyini eşitcək, cəld dönüb güdək, acı və çox vaxtda pür-mə’ni bir söz deyib yenə salıb gedirdi. Başlardı öz özünə dağınıq sözlər söyləməyə və söylədikcədə gah gülüb, gah da hirslənib qaş-qabağını turşudardı. Bir gün məscidin qabağından ötürdüm, gördüm dəli Səməd qazının hücrəsinin qabağında oturub, məsələ xəbər alır: – Qazı ağa, İbrahim peyğəmbərə ki göydən qoç gəldi, bircə məni başa sal görüm ki, o qoçun azığı var idi, yoxsa yox? Qazı bir az bunun sualına gülümsünüb dedi: – Səməd azığı nə eliyirsən? Yəqin ki var idi. – De yaxşı, qazı ağa! Bəs azıq göydən gələ-gələ qumar nəyə haram olsun? Sən deyirsən oynama, allah da azığı yaradır ki oyna! İmdi kimin sözünə qulaq asım? – Əlbəttə həmişə allahın, amma... Dəli Səməd cəld qazının sözünü kəsib cibindən dörd azıq çıxartdı: «Amma»sı yoxdur, səninlə bir əl qumar oynuyacağam! Qazı əlini əlinə vurub yuca qəhqəhə ilə gülüb və başladı yavaş-yavaş dəlidən uzaqlaşmağa. Dəli Səməd ətəklərini çırpıb durub getdi və dala baxa-baxa gülümsünüb deyirdi: – Elə olar, oynamazsan, çünki gələn gedən var, baxır görür. Him m m... Xəlvətdə olsa min iş törədərsən! Sizin mən dabağda gözünə bələdəm! Belə-bələ dəli Səməd qazının qarasına bir az söylənib bazarın ortası ilə ötüb getdi. Bir az getməmişdi bir iki uşaq onun dalınca yüyürüb çığırdılar: – Ay, dəli Səməd! Ay, dəli Səməd! Səməd bunlara heç e’tina etmiyib, ancaq dodağında mırıldandı: – Ahmaqlar sevinirlər ki oğul əkmişik-bu da oğul! Mənim qardaşım da deyir ki Səmədə çörək verirəm heç mənim ayağıma durmur; molla Qiyas da dəli Səmədə bir çərşənbə bir şənbə bir dua yazsa dəli yaxşı olar. Xa-xa-xa! Ahmaq özü dəli olub mənə deyir! Bazarın başında yoğun və qırmızı birçək bir baqqal «boy, dəli Səmədə bax» deyib bir çürük badımcan salbası atdı! – Eşşək, qoca eşşək, get iylənmiş qatığını satmağa! – Baqqala belə cavab verib, dəli Səməd adamların arasında itdi. * * * Yay girəndə Səmədin dəliliyi şiddətlənirdi; görürdün yolgedəndə gözləri çanağından çıxıb oynuyur, danışığı artıb məzmunsuz və dağınıq kəlmələrdən ibarət olurdu; əxlaqı pozulub dinənə söyməmiş; acığını duyduranı dəyməmiş olmurdu. Evə gec-gec gələrdi və evdəkilər ilə də əvvəlki xoş rəftarını unudub pis müamələdə olardı: qardaşı, uşaqlarını döyüb, qardaşına dəqiqədə min söyüş verirdi. Ayağını bağlardılar çörək vermiyib dama salardılarsa da yenə Səmədin xasiyyətinə tə’sir etməzdi; əvvəlki halətdə qalıb ağzına gələni söylərdi. Əlindən gələni elərdi. Şəhərdə şikayət gün gündən artırdı. Deyirdilər: «Dəlinin yiyəsi olar, bilmirik Hacı Qara dəli qardaşına niyə təhər çəkmir? Hacı Qara da gəlib dəli Səmədi tut ağacına bağlıyıb tupurğu ilə döyməyə başlardı. Sübhdən axşamadək Səməd ağaca sərikli çığırardı, bağırardı, və ağzına gələni də qardaşına deyərdi. Bir də görərdin döyüldüyü yerdə birdən gözləri yaşlı, qəhqəhə çəkib gülürdü, məzəli-məzəli qissələr nağıl eliyib eşidənləri niyə gülməyə vadar edirdi. Çığırmaqdan xırıldıyan səsi ilə: – Deyirlər «dəliyə qələm nist» bəs mən dəli olmuya-olmuya bu ahmaq məni də tutub bu ağaca səriyib? Xa-xa-xa! Vallah məl’un lap dəli olub bircə saqqalına bax, başına bax, dəccala oxşayır!... Sözlərini qurtaran kibi Səməd yenə qaş qabağını sallıyıb sükuta gedirdi. Sonra yenə simasında bir təbəssüm görünüb, yavaş-yavaş gözləri daralardı, və dişləri ağarıb qəhqəhə ilə gülürdü. Ondan başlıyıb öz özünə danışardı, əvvəl aram ilə sonra bərkidirdi və axırda gücü gəldikcə çığırıb yenə sükuta gedirdi. Bir də başlıyırdı: – Deyir dədədən qalma şeyləri əlindən alaram və sonra da səni ağaca bağlıyıb döyərəm... dədədən qalma.... dədə! xa-xa-xa! Dədə... də... də. – xa-xa! nə!... hım m m !... nənə!... Ey, yazıq nənə! «Nənə» sözü Səmədə artıq tə’sir etdi, qəmli gözlərini yerə dikib belə hökürtü ilə ağladı ki gözlərinin yaşı, pərişan saqqalı ilə axıb döşünə töküldü. * * * Dəli Səməd evdən qovulub küçələrdə dovran sürürdü. Yağış vururdu, qar vururdu, acı soyuqlar kəsirdi və təbiətin belə-belə hücumlarına bir dəfə də olsa müqavəmət etmirdi. Bolca gülürdü, bolca ağlıyırdı, və öz özünə uzun-uzadı danışırdı. Gündüzlər dükanlar qabağında tapdıqları ilə qarnını doyurub, gecələr də bir guşəyə çəkilirdi: xaraba damlara, axırlara və cındır libasına bürünüb yatardı. Sabahlar toza torpağa bulanmış yenə küçəyə çıxırdı; yenə uşaqlar tökülüb hərə bir tərəfdə onun cırıq arxalığından yapışıb çığırışırdılar: «Ay dəli Səməd. Ay dəli Səməd!» Səməd əlini daşa-kəsəyə atıb uşaqları qovlardı, və öz özünə danışa-danışa salıb gedirdi. Daha Səmədin əvvəlki müdrikliyi, irəlki cəldliyi qalmamışdı; zamananın gərdişi, fələyin vəfasızlığı, çoşqun, acılıq, rahatsızlıq, Səmədin belini bükub saqqalını ağartmışdı. O əcib hali-dilinin əksini göstərən siması sınıb əzilmiş bir lövhə parçasına dönüb heç zad bəyan etmirdi; bircə alnının qırışlarında ağır məişət izi müşahidə olunurdu. Bu axır dəfə idi ki mən dəli Səmədə rast gəldim. Daha sonra nəzərimə keçmədi. Bir də qışın çoşqunlu bir gecələrində zarıltısı sübhə kibi qulağımdan kəsilmədi: «Ay balası, çölə düşən nənə vay» deyib aramsız ağlıyırdı. Onun sabahı gün eşitdim ki Səməd çəpərin altında donub ölüb. Bu hadisədən imdi çox-çox illər keçir. * * * Dərs (İstudentlər məişətindən) İstudent Həmzə-bəy güzgünün qarşısında durub özünə tumar verirdi: başını darıyırdı, bığlarının uclarını maşa qüvvəsilə şişliyib yuxarı qovzuyurdu; kirpikləri qara idisə, şimalda artıq xoşa gəldiyi üçün, daha da sürmə ilə qaralıyırdı.... Həmzə-bəy zahirində bir qüsur qoymadı: üzünü kirşanladı, dodaqlarına allıq sürtdü və ətirlənib otaqdan çıxdı. Yayın son ayı idi. Peterburqun havası istiləşmiş idi, gün də hərdən bulutların arasında görsənirdi. Həmzə-bəy tramvaya minib Neva caddəsinə düşdü. Caddə həmişəkindən də artıq izdihamlı idi: lətif libaslarda xanımlar və qızlar deyib gülüşürlər; tələbə və talibələr ötüb keçirdilər. Zabitlər təmkin viqar ilə qılınclarını qaldırım ilə sürüyə-sürüyə gəzirdilər; tacirlər, mə’murlar, qəzetəçilər və ilax... Hər dəqiqə gözə sataşmaqda idilər. Səs küydən qulaq tutulurdu; tramvay, avtomobil, fayton, qaret və cürbəcür arabalardan küçədə tərpənməyə imkan yox idi... Həmzə-bəy ahıstə-ahıstə caddədə gəzirdi və qarşısına çıxan qız və xanımları şəhvətəngiz bir nəzərdən keçirməmiş olmurdu. Birinə göz edirdi, bə’zinə gülümsünürdü, kimisinə də seçmə bir kompliment deyib nəzərini özünə cəlb edirdi. Həmzə-bəyin bu hərəkəti adi bir iş idi: neçə illər idi ki ömrünü bu minval ilə keçirirdi və təngə gəlmək, usanmaq bilməzdi. Çünki gündə bir təzə iş ittifaq düşürdü. Gündə bir vəqəyə rast gəlib sonra yoldaşlarını kamal-iftixar ilə bu «qəza-vü-qədərdən» xəbərdar edirdi. Qəhrəmanım caddədə gəzərkən bir də iri gövdəli bir cüft səmənd atlar qaldırımın yanında durdular: faytondan uca boylu, nəfis bir xanım düşüb mağazaya girdi. Həmzə-bəy duruxub xanıma dərin bir nəzər ilə baxdı, gülümsündü. Xanım ona əsla e’tina etmədi. İş bununla qurtarmadı: biçarə istudent xanımın çıxmağına müntəzir, mağazanın qabağında gəzinməyə başladı. Bircə dəqiqə keçmədi, xanım çıxdı. Həmzə-bəy gülümsünə-gülümsünə – (guya xanımın gözəlliyinə heyran qalıb) onun dalınca düşdü. Xanım bir yerdə durdumu, Həmzə-bəy də yerişini yavaşıdıb gözlərini ondan çəkmirdi; xanım yola düzdükdə bu da ardınca gedib söz tullıyırdı. Bir neçə addım getdilər, xanım istudentin münasibətsizliyini görüb caddəni o taya keçdi ki onun əlindən xilas olsun, Həmzə-bəy də adlıyıb, kompliment deməyə başladı: – Gözlərinizin aydınlığına valeh olmuşam, biləsiz, onlar mənə nə həzz verir, nə lütflər e’ta edirlər. Heyif ki siz də o dərəcə qəlbi soyuqsunuz ki məstanə nikahınız ilə məni bəxtiyar etmirsiniz! Xanım bir qənnadı mağazasına daxil oldu. Həmzə-bəy də girib şirniyyat sifariş verməyə başladı. Xanım dönüb nəfrətli bir nəzər ilə baxdı: istudent bundan rəncidə-xatir olmadı: «Arvadları gözəl edən oların ədasıdır, əda olmazsa hüsn də olmaz» deyə fikrindən keçirdi, və əvvəlki qərar ilə xanıma zənn ilə baxırdı. Xanım şirniyyatı bağladıb küçəyə çıxdı, və fayton çağırıb oturdu. Həmzə-bəy irəliliyib gülə-gülə: – Bəni də özünüz ilə götürməyinizi rica edirəm! – dedi. Acıqlı xanım bu sözlərdən məmnun olub gülümsündü: – Buyurunuz! – deyib, istudentə yanında yer göstərdi. Oturdular. Atlar dörd nə’lə götürüldülər. Həmzə-bəy saadətindən çaşmışdı. Danışmaq istiyirdisə də ürək döyünməsindən aram tapa bilmirdi. Xanım qızarmışdı, və dərin bir sükutda idi. Həmzə-bəy söhbətə cəsarət etdi: – Mədid e’tinasızlığınız məni qorxutmadı. Məni imtahana çəkdiyinizi duymuşdum! – Xanım təbəssümlə istudentin gözlərinə baxdı. Həmzə-bəy bundan məmnun, fikrindən keçirdi: «arvad psixologiyasına bələdəm – bağlı qapı tez açılır! Siz nə qədər fikirlərinizi məndən gizlətdinizsə də, tez aşkar olmağına müvəffəq oldum». – Xanım üzünü çöyürdü və Həmzə-bəy yenə söhbətə məşğul oldu: – Cürət ürək məhsuludur – ürəyim siz ilə olmasa idi bu cürət və onun nəticəsi müvəffəqiyyət və saadət olmazdı!... Fayton – təntənəli bir imarətin önündə durdu. Xanım və Həmzə-bəy qaldırım maşınına oturub yeddinci mərtəbəyə qalxdılar. Qapı açıldı, xanım Həmzə-bəyi böyük salona də’vət etdi: – Əyləşib dincəlməyinizi rica edirəm, mən də libasımı dəyişib bu dəqiqə gəlirəm. Xanım o biri otağa daxil oldu, Həmzə-bəyi xiyalat götürdü: «Axırda fikrimə çatdım, imdi, cəmi müsəlman istudentləri mənim dəbdəbəli ömrümə həsəd aparacaqlar. Bundan gözəl xanım olmaz; yolunda da var-yoxumdan keçəcəyəm: gündə kef, ləzzət, restoran, tiatro...» Həmzə-bəy xiyalatda ikən salona qolları çırmalı iki saldat girdi. Bunlar kamali-aram ilə irəli yeriyib Həmzə-bəyi tutdular. Bəy əvvəl bunların nə etdiklərini düşünmədi, sonra ovza’dən agah olub çığırdı. Saldatlar bəyi o ki var döydülər və qapını açıb dalından da bir təpik iliştirdilər, pilləkəndən aşağı düşdü. Bəy bir neçə dəqiqədən sonra özünə gəlib papağının tozunu çırpa-çırpa enib getdi. Bir də xanım pilləkənin başında göründü. Hiyləkar arvad gülə-gülə üzünü Həmzə-bəyə döndərib – dedi: – Di get, bu sənə dərs olsun, bir də belə biədəblik eləmə. * * * Qız məktəbində Molla Gülləndəm bacı məktəbin yuxarı başında oturub köynək tikirdi. Aşağa tərəfdən bir iki mütəəllimə cırıq palas parçalarının üstünə bardaş qurub «gəlin-gəlin» oynuyurdular; biri də kənarda qab yuyurdu. Hərdən məktəbin alçaq qapısı cırıltı ilə açılıb, içəri həybəsi qoltuğunda bir mütəəllimə girirdi və salam verib deyirdi: – Molla bacı, köynəyin mübarək olsun! Molla bacı mütəəllimlərin təbrikindən çox xoşhal olub gülümsünürdü, qızlara xeyir dua verirdi və sonra əhval-pürsanlıq başlıyırdı: – Ay qız, nənən nə qayırır? Günüsü ilə dalaşırmı? Deyinən nənənə ki molla bacım deyir o ahmaq qızına üz verməsin, sonra təpəsinə çıxar. Mütəəllimlə molla bacının cavabında ya başını aşağı salıb qızarardı, ya-da ki giley torbasını açıb qart-qart danışmağa başlardı: – Dədəm dünən nənəmə bir cüft başmaq almışdı, axşam günüsü başladı evə dava salmağa ki o başmaqdan niyə mənə alınmır? Nənəm də deyir: «Ay bidava dərdə düşmüş. Bir cüft başmağı da mənə çox görürsən?» Ondan başlıyırlar dalaşmağa. Dədəm də həmişə nənəmi döyür ki işlər başı sənsən. Onu da günü ahmaq qızı öyrədir... Molla bacının hüzurunda çox vaxt mütəəllimələr uzun-uzadı nağıl danışırdılar və molla Gülləndəm bacı onlara quşhuş ilə qulaq verib, ara bir sual verərdi; həftə hamamından xəbər alardı. Qonşuların müamələsindən, hənə qoymaqdan, qaş almaqdan mə’lumat istərdi. Hətta mütəəllimələrdən elə məsələlər soruşardı ki insan nəinki deməyə, bəlkə xiyalına da gətirməyə utanıb, həya eliyir... Məktəbin qapısı yenə cırıldıyıb içəri mütəəllimələr girirdilər və əvvəlki kibi salam verib, bacının təzə köynəyini təbrik edirdilər. Bir mütəəllimə içəri girdikdə nə təhər oldusa «köynəyin mübarək olsun» əvəzində molla bacı «xeyir işin də mübarək olsun!» deyib, molla Gülləndəm bacını təbrik etdi. Mütəəllimənin bu sözlərindən molla bacı belə acıdı ki çubuğu qapıb, qızı döyələməyə başladı. – Ay ərməni qızı, mən sənin oyuncağın deyiləm ki məni ələ salırsan! Yoxsa səni qonşu Hürzad öyrədib? Mən onun atasının ələngə sümüyünü... (burada molla bacı qəliz bir söz söylədi) onda bilər ki mənə də Gülləndəm deyərlər! Molla bacı biçarə mütəəlliməni «xurd-xəşil» edəndən sonra həyətə çıxdı, və üzünü qonşuya tutub ağzına gələni dedi: – Ay qız ay, ay mütrib, mən sındırmalı qoz deyiləm, sındırasan: ankır tayını tap! Yoxsa sənə bir üsul kəsərəm ki qiyamətə kibi dadı damağından getməz! Molla bacının səsinə qonşu həyətdə bir nazik uzun arvad çıxıb cır səs ilə başladı: – Dilini kəs, ahmağın qızı! Mənim ağzımı çox açdırma, yoxsa törətdiyin cəmi işləri ortalığa qoyaram! – Qoymasan, atayın... – Ölü adı çəkmə, itin qızı! Atayın da, babayın da... gündə bir ərə gedən lotu! Molla bacı cəmi mütəəllimələrini başına topluyub, qonşunun çəpərinə yavıqlaşdılar: – Gündə ərə gedirəm, yaxşı eliyirəm, bidət iş görmürəm ki, ay oynaşlı! Sən də bacarırsan get, görürsən heç birini də tapa bilmirsən, ancaq paxıllığından qudurmuş itə dönüb yan-yörəni dalıyırsan. Beləlikdən nə çıxar, ay qurumuş şəftəli qaxı! Qonşular söyüşməkdə davam edirlər, və bu söyüşlər o qədər qəliz, əxlaq pozan idi ki qulaqları qapayıb, bilmərrə eşitməməli idi. Laqin cəngavər arvadların səsləri belə ucalmışdı ki fəhşlər ətrafa yayılırdı. İki tərəf biri-birinə olmazın böhtan və iftirasını, olmazın hayasız hərəkətlərini isnad verirdilər. Dalaşanlar iki arvad olmuyub, hərəsinin dalında bir dəstəsi movcud idi. Hürzad tərəf nə deyirdisə molla bacı mütəəllimələrilə barabar birə beş cavab verib onların səslərini batırdılar. Qonşular bir az söyüşdükdən sonra iş vuruşmağa müncər oldu; və bir dəqiqədə molla Gülləndəm bacı on, on beş qız ilə çəpəri basıb o taya keçdilər.... Tahı burada hərb meydanını müfəssəl təsvir etməyin lüzumu yoxdur. Çünki cəmi müsəlman qardaşlarının başı dava-dalaş çəkib, hamı vuruşma görüb. Ancaq onu deyəcəyəm ki, yarım saat çəkmədən aralıqda beş on köynək cırıldı, və Hürzad tərəf döyülmüş, söyülmüş geri çəkilib evdə qapandılar. Molla Gülləndəm bacı da düşmənin pəncərəsini mütəəllimələrə qırdırıb, öz həyətinə qayıtdı, və qızlara dedi: – A qızlar, bu gün tahı dərs yoxdur (Şadlığın nəticəsi olaraq). Samavarı çıxardın çay qoyun: Hürzad ahmaq qızına «yanıq» verək; bir ləyən də gətirin, toy çalacağam. Həyətdə palas döşənib, samavar qurulmuşdu. Molla bacı mis ləyəni dınqıldadıb oxuyurdu, mütəəllimələr də əl çalırdılar. Onlardan biri də o baş bu başa gedib, süzürdü. Hürzad da lap məğlub olub, səsi çıxmırdı. * * * Borclu Kərbəlayı Fərəc həmişə evdən çıxanda hamamın qabağı ilə gedib məscidin yanından bazara dinlənirdi, və burada axşamadək fırlanıb dolanıb əlinə keçən qəpik quruşu ətə çörəyə və qeyri şeylərə verib yenə haman yol ilə evə qayıdırdı. Axır vaxtlar Kərbəlayı Fərəc bu yol ilə gedib gəlməyi bilmərrə mövquf eləmişdi. Səbəb də bu olmuşdu ki Kərbəlayı məscidin yanındakı Əttar Həsənə bir az pul borclu idi. Evə xırda şeylər almışdı. Tahı bu Əttar Həsən ötüb keçəndə Kərbəlayını dinc qoymurdu: çuxasının ətəyindən tutub darta-darta dükanın qabağına çəkirdi və min lətayif sözlərlə borcunu tələb edirdi. Kərbəlayı qalırdı, gözünü döyə-döyə; borc az idisə də (cəmi on iki abbası, bir şahı idi) verməyə qadir deyil idi. Pul çıxan bir iş də tapılmırdı ki onun dalınca gedib Əttar Həsənin çəngindən xilas ola idi. Kərbəlayı Fərəc əsin hər üzünü ona qandırırdı: «Qardaş, bax imdi qışdır, pul çıxan bir yer yoxdur. Səbr elə allah qoysa, bu gün sabah bahar gələr, göydən göyərtidən, süddən, qatıqdan satıb pulunu verərəm...» bu sözlərdən də sonra Əttar Həsən öz dediyindən əl çəkmirdi. Bir neçə vaxt belə keçdi, doğrusu, Kərbəlayı-Fərəc lap təngə gəldi – bir tərəfdən pulsuzluq, bir tərəfdən evdə ac-acına qalan böyük ailə: iki arvad, doqquz uşaq, bir tərəfdən qışın çovğununda odsuz-ocaqsızlıq, bunların hamısından da pis Əttar Həsənin onu gündə ətəkləməyi. Axırda əlac ona qaldı ki Kərbəlayı-Fərəc Əttar Həsənin gözündən itdi. Başladı, bazara ən uzaq küçə ilə gedib gəlməyə. Evdə də tapşırdı ki hər kəs onu sual etsə desinlər kəndə gedib. Kərbəlayının qulağı bir neçə vaxtlığa dincəldi. Bir axşam Kərbəlayı-Fərəc dəllallıqdan qazandığı beş altı şahını, düyü yağ və çörəyə verib evə rəvan olduğu halda Əttar Həsən bunun qabağına çıxdı. Kərbəlayı onu görcək bir az duruxdu və sonra əcib bir gülüş ilə üzünü döndərib neçə dəqiqə döyükmüş gözlərini Əttar Həsəndən çəkmədi; elə bil deyəcək idi: «Vallah qardaş borcunu verə bilmirəm! Nə edim? Fəqirliyin üzü qara olsun!...» Əttar Həsən də Kərbəlayının görcək əvvəl gülümsünüb, sonra acıqlı: «Ədə, Fərəc, bəs sən kəndə getməmişdin?» deyib əlini Kərbəlayının ətəyinə atdı. Kərbəlayı şeyləri bir əlinə alıb, o biri ilə Həsənin əlindən ətəyini qurtarmaq istiyirdisə də, Həsən daha da bərk tutub onu çəkib aparırdı. Kərbəlayı getdikcə borcu təmizləməyini və’d edirdi, yalvarırdı, və gah-gah acığı da tuturdu, yenə Həsənə bir tə’siri ola bilmirdi. Həsən deyirdi: «Əlimə düşmüş ikən səndən pulumu almamış buraxmayacağam!» Bir iki addım da gedirdilər, Kərbəlayı yenə dartınıb şikayət edirdi: «Ay qardaş, axır balalarım evdə acdırlar, məni gözlüyürlər ki çörək aparım, yesinlər. Bunu allah götürməz ki, məni bu axşamın çağı çəkib aparırsan?» Əttar Həsən çırt çubuğunu damağından çıxarıb, lap yavaş səs ilə: – Səni aparıram pulumu almağa. Kərbəlayı Fərəc bir az da sükuta getdib və əzan qulağına gələndə əlini atıb taxta çəpərdən və divardan tutub qəzəblənirdi: – Ay balam, bircə məni hara aparırsan; bu saat ki pulum yoxdur alasan? Kərbəlayı danışdıqca, elə bil, Əttar Həsənin qulağında bir arı dızıldıyırdı, kamali e’tidali-dəm ilə çubuğunu damağına alıb və sonra başlıyırdı, Kərbəlayının əlini çəpərdən və ya divardan qoparmağa. Yol ilə gedənlər ovza’dən müxbir olduqda ayaq saxlıyıb bunlara zənn ilə və çox vaxtı qəribə bir təbəssüm ilə baxırdılar; səsə evlərdən ayaq yalın baş açıq qaçıb gəlmiş uşaqlar qəhqəhələşirdilər və hətta arvadlar da kəm e’tinalıq etmiyib darvazalarının arasından Kərbəlayıya təhqiq ilə nəzər yetirirdilər... Kim bilir Kərbəlayı bunları görəndə ürəyindən nələr keçirirdi. Deyirdimi: «Vay dost düşman içində biabır oldum!» və ya «nə edim? Allah məni fəqir yaradıb» sözləri ilə təskinlik tapırdı, hər halda bu yerlərə əl apara bilmirik! Əttar Həsən Kərbəlayı-Fərəci öz evinə gətirdi və darvazadan girən kibi onun şeylərini alıb özünə də bir neçə lətayif deyib otağa girdi və and içdi ki borcu verməmiş onu həyətdən kənara qoymayacaq. Bir azdan sonra bir qıfıl çıxarıb darvazanı kilidlədi. Kərbəlayı əvvəl yenə bir az zamanadan şikayət edib sonra dedi: – Ay balam, axır məni burada saxlamaqdan nə fayda olacaq, pulum yoxdur ki verəm. Burax, sabah evin şeyindən zadından satıb gətirib borcunu verərəm! Əttar Həsən eşitməzlik edib evə girib və qapını çəkdi bərk örtdü. Kərbəlayı ətəyi ilə qarı süpürüb, pəncərənin qabağında oturdu. Taran qovuşdu, gecə düşdü. Gecə külək şiddətlənirdi və qarı qovzuyub havada sovururdu. Soyuq Kərbəlayıya bərk əsər eliyirdi. Durub bir az pəncərənin qabağında o baş bu başa gedib gördü ki beləliklə də olmuyacaq, hirslənib yeridi pəncərəyə bir təkan vurdu: – Ay balam, məni iki manatdan ötrü soyuqdan kəsmiyəcəksən ki? Əttar Həsən pəncərənin şıqqıltısına dik atılıb hirsli evdən çıxdı, dalınca da arvad uşağı və yetirən kibi Kərbəlayı-Fərəcin saqqalından yapışıb küncə basdı. Kərbəlayı boğunuq səs ilə zarıldayanda, uşaqlar da bir tərəfdən çığırışdılar. Arvad yeriyib ərinin əllərini tutub: – Ay kişi, allah götürməz ki sən belə iş eliyirsən! Əttar Həsən Kərbəlayının yaxasından tutub apardı, və dalına da bir təpik vurub darvazadan çölə saldı. Xoruzlar banlaşırdılar. Kərbəlayı-Fərəcin evində uşaqları çörəkdən ötrü mələşirdilər və tez-tez qapıya yüyürüb dədələrinin yolunu gözlüyürdülər. Kərbəlayı qapını döyən kibi ailəyə elə bil bir böyük saadət üz verdi. Uşaqlar göz yaşlarını bir dəqiqədə unutdular və Kərbəlayı otağa girən kibi onu hədsiz şadlıq ilə ihatə etdilər. Lakin... dədələrinin əlini boş gördükdə hərə bir tərəfə çəkilib bir-birini sual nəzərindən keçirtdilər. Kərbəlayı-Fərəc duruxdu və əllərini üzünə qoyub, bərkdən hökürdü. * * * Qeyd Bundan sonrakı hekayələrin çoxu çapa ilk dəfə çıxır. Mövzu yenidir: həyatımızın çürüklüyü. Zənnimcə, ədəbiyyat iki yol tə’qib edəbilər: biri köhnələri yıxmaq və təzə bina üçün zəmin hazırlamaq; – ikincisi: yeniliyi duymaq, qeyd etmək və onun qüvvət və qüdrətini təşviq etmək. «Keçmiş səhifələr» çürükləri yıxmaq və təmizləmək ilə məşğuldur... * * * Üç gecə Mir Qasım papağını qarmağa keçirib başladı: – Qardaş, başıma bu altı ildə çox işlər gəlib. Otur dərdlərimi bir-bir söylüyüm. Səndən bir il sonra mən Moskva darülfünununa girdim (sənin onda Tomskdən xəbərin gəlirdi). İki il evə getmək mümkün olmadı. Yayda qulluq tapıb, Rusiyada qaldım. O biri yay bir qədər pul ilə evə getdim. Əlbəttə mənim gəlməyimə hamı şad oldu. Ələlxüsus anam. Atam kənddə idi. Bir həftədən sonra o da gəldi. Xülasə əvvəlki həftə pis keçmədi. Yeyib, içib, ayaqlarımı uzadıb, bir qədər dincəldim. Bir gün anam dedi: «Bala dost var, düşman var. Atan da qocalıb, əlindən əsası düşən vaxtdır. Mən də bir şey yiyəsi deyiləm. Böyük oğlum sənsən....» Anamın dediklərini duydum. Güldüm. Bir tərəfdən arvada yazığım gəldi, o biri tərəfdən də özümün də gördüm meylim var. Düzünü deyim, o dəqiqələr başıma əsla «ideya» girmirdi; yeyib yatmış gələ kibi cismaniyyətim özümü şiddətli bir halda büruz verirdi. Dedim: «Ana mənə kimin qızını almaq istiyirsən?» Anam şad bir halda boynumu qucaqladı: «Anan kor olsun dedi: bizim Matanı sənə ad eləmişəm. Qardaşım balası, özümün ciyər quşəm....» Anamın yaşlı gözlərinə baxdım, həm gülməyim dutdu, həm heyifsiləndim. Baxdım gördüm onun aləmində bu dəqiqələrdən saadətli dəqiqələr olmaz. Müsəlman arvadını tanıyırsan: Cəmi fikir və zikri oğul evləndirib, qız ərə verməkdir. Doğrusu yox demək istəmədim: anamın xatırına toxunmağı nagüvara gördüm. Razılıq verdim. Bir də Matan da pis qız deyil idi. Doğrudur, oxumamışdı, amma on beş yaşında, totux bir qız idi. Cavan, bakirə, gözəl bir qızcığaza malik olmaq meyli fövrən cəmi bədənimi ağzına aldı. Əqidəm, məsləkim bir dəqiqədə qüvvətdən düşüb, fövt oldu....» Mir Qasım bir papros yandırıb, yanğı ilə çəkdi və nəşəsini bir qədər yatırıb, sözündə davam elədi: «Olan qalan yüz əlli manatı toya xərc elədim....» Gəlin gələn axşamı mənə tapşırdılar ki, qaçım gizlənim. İstəmədim. Məni məzəmmət elədilər. Anam və qohumlarım məndən dilgir oldular. «Ruslaşıbdır» dedilər. Əlacım kəsildi, el adətinə təbə’ oldum: sağdış və solduş məni taxtapuşa çıxartdılar. Oturdum, qoyun kibi gözlərimi döyməyə başladım. Bir vaxtı, məşəlin işığı göründü, salavat səsi eşidildi (təfsilatı, özün bilirsən). Gəlin birini əsla anlamaq istəmirdilər. Anam el adətlərini tamamilə di. Elə güman eləmə ki Matanın yanına getməyə can atırdım. Xayır, toyda fırlanmaqdan it kibi yorulmuşdum. Yatıb dincəlmək fikrində idim. Camaat yavaş-yavaş dağıldı. Məni aşağı endirdilər. Otağa girdim. Ortalıqda, palasın üstə yatacaq döşənmişdi və döşək sorusunun lap ortasına iri bir ağ parçası tikilmişdi. İki çıraq qoyulub, Matan da üzü örtülü küncə qısılıb. Dayandım. Duruxdum. Əxlaqım təhqir olunmuşdu. Acığım dutdu. Çırağın birini keçirtdim. İstədim soruya tikilmiş ağ parçanı söküb atam, anam özünü içəri salıb, məni qucaqladı: «Qasım – dedi: Sənə gözlərim qurban, el qaydasından çəkilmə, qurbanın olum, adət var... hərənin özünə görə adəti var.» Bir az hirsim yatdı, amma uzun sürmədi, yenə hirsləndim dedim: «Hər gah yengələr qapıdan uzaqlaşmasalar, çıraq da keçməsə, bu otaqda yatmıyacağam. Belə həyasızlığı mən götürmüyəcəyəm». Anam yenə başladı, mənə göz yaşları ilə qandırmağa, yenə el, adət və qaydalarını ortalığa çəkdi: «Bala, – dedi: elin ağzını bağlamaq olmaz; min söz danışar. Allah bilir Matan necə təmiz qızdır. Bəs ona söz desələr necə olar?....» Anam başladı zar-zar ağlamağa. Məni tamam hövsələdən çıxartdı. İki aləm, köhnə və təzə, bir birilə qabaq qarşı gəlib, bir birini əsla anlamaq istəmirdilər. Anam el adətlərini tamamilə yerinə yetirmək istiyirdi, mən isə bu adətlərə nəfrət nəzərilə baxırdım. Hiddətləndim: «Ana, – dedim: Matan nə cür olsa qəbulumdur. Qoy el nə deyir desin!» Anam sakit olmadı. İlan kibi yalmandı: «qurbanın olum, – dedi: məni başına çəyür, el arasında biabır eləmə. Mən də bir kişinin qızı, bir kişinin ayalıyam. Qoy dədə baba qaydamız ilə gedək!...» Anamı özümdən geri itələdim. Paltarımı hirs ilə soyunub, girdim yatacağıma və başımı çəkdim yorğanın altına. Yuxu gözlərimdən yağırdı... Birdə gördüm anam başımın üstə göz yaşı tökür. Yengələr də qızın yanına toplanıblar. Matan da deyəsən ağlıyırdı. «Allahu əkbər» dedim. Qalxdım oturdum. Dutduğum işə peşman olmağa başladım. Anama baxdım, rəngini qaçmış gördüm. Matana baxdım, həkürtüsünü eşitdim. Ürəyim nazildi. Bunların aləmini düşünməyə başladım. Xalqı öldür, adətini əlindən alma!. Ana, dedim: Matanı mənə almısan, qəbul. Qoy soyunsun yatsın. Arvad gülümsündü. Xoşuna gəldi. Yengələr də deyəsən razı qaldılar: Matanı sakit edib, otaqdan çıxdılar. Matanı çağırdım. Soyunmağını təklif elədim, çırağı söndürdüm... qaranlıqda Matan zar-zar ağlıyırdı... Sağ çiynimdən dutub, bir adam məni tərpədirdi. «Qoy yatım» deyə gözümü dik açıb, yenə yumdum. Çəndim o biri üzümə. «Qasım! Qasım! Sənə qurban olum!» Yenə gözlərimi açdım. Əvvəl bir şey dərk edə bilmədim. Sonra çırağın işığı gözümə düşdükdə ayıldım... Rəngi qaçmış anam başımın üstünü kəsdirmişdi. Yalvarırdı, yaxarırdı. «Nə deyirsən – dedim: niyə qoymursan yatam?» Anam ağladı: «Qurbanın olum, el töhməti pis olar. Matan da özgəsi deyil; öz balamız, öz uşağımız. Yazıqdır...» Yenə acığım dutdu: «Balan olanda nə eyb edər – dedim: balanı öldürmürəm. Yatıb qoy yatsın!» Anam başladı mənə işarə ilə qandırmağa. Yenə el gəldi ortalığa: «Bala, – dedi: axır yengələr də intizardılar: bu günün işini sabaha qoyma!» Diqqət ilə anamın üzünə baxdım: mənim üçün əxlaqsız görünən bir nöqtə, anam üçün nə müqəddəs imiş. Bu halda nəzərim böyrümdə uzanmış Matana düşdü. Dərin bir yuxuda idi. Allıq və kirsan ilə bəzənmiş üzü tərdən xırda mıncıqlar atmışdı. Zərif dodaqları aralı idi. Yorğan düşmüşdü. Ağ, körpə məməsinin kanarı nəfəs aldıqca həzin-həzin enib, qalxırdı.... İkinci gün özümü köhnə zövqdən düşmüş gördüm; Matandan bilmərrə soyumuşdum. O uşaq, mən böyük; o savadsız və avam, mən oxumuş həyatımız əlbətdə bir birilə öc eləməzdi. Bizi yavıqlaşdıran bir nəfsi-heyvaniyyə idi – o da itiliyini itirmişdi. Bir dişilikdən ibarət arvad mənəvi aləmimə qida verə bilmirdi. Dişiliyin özünə də durust qulluq edə bilmirdi; Matanda naz və şivə əsla yox idi. On beş yaşında qızcıqızdan bu sifətləri gözləmək də olmazdı... Başını nə ağrıdım – axşam çıxıb, şəhər bağına getdim; Matan qaldı evdə, bağda tanış rus qızlarına rast gəldim. Deyib danışdıq; gülüşdük. Bir parça ləzzət apardım. Gecənin bir yarısı evə qayıtdım... Qardaş, biz rus məclislərinə öyrənmiş adamlarıq. Orada gözəl geyimli, nazlı, yerişli, xoş hərəkətli qızlar görmüşük. Onlardan sonra məgər avam qızlar ilə yoldaşlıq eləmək olar. Oxumuş qızların hər sözündə bir işarə var, hər işarədə min dad və ləzzət var. Onlardan sonra lal, dünyadan bixəbər qızlar məgər xoş gələrlər. Odur ki, evlənməkdən bilmərrə mə’yus oldum. Matandan bilmərrə soyudum. Onun cavanlığı, gözəlliyi gözümdən düşdü. Səni inandırıram ki üç gündən sonra belə dilxor oldum ki, evdən baş götürüb getməli oldum. Səhvimi düşündüm, düşündüm də dutduğum işdən incidim. Evimiz mənim üçün zindanxanaya döndü...» Mir Qasım kiridi. Dərin bir ah çəkdi: – Bir gün şeylərimi topladım – dedi: anamı çağırdım yanıma ahvalatdan xəbərdar elədim... arvad ağladı, boynumu qucaqladı. Cavabında «gedirəm» deyə israr etdim... baş götürüb getdim. * * * Mir Qasım sakit oldu. Sonku sözlərindən mütəəssir rəngi qaçmışdı, dodaqları titriyirdi. * * * Bir qəpik Sərəncam bacı qəpiyi uşağın avıcına basıb, barmaqlarını bərk yumdu: – Bax itirmə – dedi. Uşaq kasanı götürüb, darvazaya tərəf getdikdə bir də Sərəncam bacı onu saxlayıb tapşırdı: – Bax itirmə. Vallah itirsən ətini əndamında qoymayacağam. Uşaq pul olan əlinin arxası ilə burnunu qurtdaladı, gözlərini döydü və cavab vermiyib, dönüb getdi. Küçədə şinlik artmışdı: xalq dükanlarını bağlayıb, bazardan qayıdırdı. Qaranlıq düşə-düş idi. Uşaq ona buna toxuna-toxuna gedirdi. Birdən durdu, kişilərə bir-bəbir tamaşa edirdi, fikirləşirdi və yenə yolu ilə getməyə başlayırdı. Çox yeriməyib uşaq yenə durdu: başının üstə bir gecə quşu hərlənib, fırlanırdı. Gözdən itirdi, bir də çığırdı, və bə’z vaxt uşağın lap qulağının dibindən uçurdu; elə bil onun ilə oynamaq meylində idi. Gecə quşunun hərəkəti uşağı məşğul edirdi. Uşaq gülümsünürdü və böyük bir fərəh ilə ona tamaşa edirdi, şad olurdu. Birdən uşağı guya ilan vurdu: başladı durduğu yeri axtarıb aramağa. Avıcının içinə diqqət ilə baxdı, arxalığının ciblərini əlləşdirdi, qəpik tapılmadı. Uşaq ağlaya-ağlaya geri qayıtdı. Qaranlıq düşmüşdü: Darvazaya yetişcək durdu. Evə getməyə cürət eləmədi: atasının yumruğundan və anasının çimdiyindən qorxdu. Oturdu qapının küncündə, başladı gizli-gizli ağlamağa. O qədər göz yaşı tökdü ki biçara uşaq yorulub yatdı. Bir vaxtı, qulağının dibinə dəyən dürtmədən dik atılıb çığırdı: başının üstə atası, Məşədi-İmamqulu durmuşdu. Uşaq atasını görcək qorxusundan darvazanın küncünə qısılıb, başını balaca əllərinin arxasında gizlətdi. Məşədi İmamqulu qeyz ilə uşağı küncdən kənara dartıb, arxasına kötək döşəməyə başladı: – Bir saatdır – dedi: səni qatıq almağa göndərmişəm, hələ gəlib çıxmırsan. Demirsən ki aş səni gözlüyür. Uşaq böyük günah etmiş adam kibi, bərkdən ağlamağa cəsarət eləmirdi. Yumruq zərbəsini bədənində hiss etdikcə, qırıq bir səs çıxarıb, yenə kiriyirdi. Və məzlum nəzərilə atasına baxa-baxa balaca əlləri ilə özünü döyüşdən müdafiə etmək istiyirdi. Bir də uşaq darvazanı açıb, özünü həyətə soxdu və anasını orada görcək özünü onun üstə tolladı. Sərəncam bacı uşağa bir qapaz ilişdirib, itələdi: – Üzünü mürdəşir yusun – dedi: bir saatdır qatığa gedib, «bir daş bir quyu olub» gəlib, çıxmaq bilmir. Sərəncam bacı oğlunu bir az çimdikdən çıxartdıqdan sonra soruşdu: – Ədə bəs qatıq necə oldu? Uşaq cavabında ağladı. Peşiman yaş dənələri körpənin yanaqları aşağa axıb, töküldü anasının qılçalarını, balaca bağrına basıb həkürdü. Sərəncam bacı uşağın ətini dırnaqları arasında göyərtdi. – Ədə bəs qatıq necə oldu? – Deyə yenə sual etdi: Uşaq cavabında ağladı. Peşiman yaş dənələri körpənin üstünə yumruq və şapalaq tökülməyə başladı. Ər və arvad uşağı döyə-döyə otağa çəkdilər. Burada sual və cavab başlandı: – Kor olasan, – ana dedi: bircə de görüm darvazaya çıxanda qəpik əlində idi ya yox? Uşaq bir az cürətli səs ilə: – Əlimdə idi – dedi: – Yaxşı, bəs nə təhər oldu ki düşdü itdi? Uşaq cavaba aciz idi: dinmədi. Sərəncam bir qədər cavabı gözlədi və sonra uşağın yanağını iki barmağı arasına salıb, dartıb sıxdı. Uşağın gözləri yenə yaş ilə doldu. Məşədi İmamqulu araxçını başına basıb, arvada acıqlandı: – Sən də qoy görüm – dedi: qoy görüm bu küçük balası, qəpiyi harada itirib. Ədə, bəlkə darvazanın qabağında uşaqlar ilə gicədin, sonra düşdü? – Yox! – Deyə uşaq başını fırladı. Atası acıqlı: – Yoğun ox girsin gözləriyin ağına. Sərəncam bacı yenə sual verdi: – Bəlkə uşaqlar əlindən aldı? – Yox! – Üzünü gözünü qara yara yesin! * * * Lampa çıxmışdı küçəyə. Sərəncam bacı başında iki qat çarşaf oğlunu dolandırıb, gəzdirirdi və tez-tez sual verirdi: – Burada qəpik əlində idi, əlində deyil idi? Uşaqdan gec cavab çıxdıqda, qapazı başına salıb, qarğışdan tökürdü... * * * Kənddən şəhərə göndərilən bir kağız Nuriçeşmə, – əvvələ səlamt üzrə bərqərar və payidar olasınız, və saniyən hər gah bu tərəfin ahvalatını xəbər alasınız, şükür olsun allaha sağ və səlamət varam və bir qəmim yoxdur suvayi sizin ayrılığınızdan qeyri. Xudavəndi aləm bir vəsiləyi-xeyr etsin ki, bir birimizi birdə görək. Və bir də köpəy uşağı, qudurub yolunuzdan çıxmısınız. Sözümə zadıma qulaq asmırsınız. Allah qırmış məni şəhərə gətirməyin, vallah, gəlləm sizi it unu kibi dağıdıb atanıza od vuraram. Sizdən zəhləm elə gedir ki, görmək istəmirəm. Min dəfə yazıram ki, oğul oxuduğun daha bəsdir, gəl yanıma alış-veriş edək, qulaq asmırsan! Elə deyək oxudun oldun pristav-nə çıxdı; qulluqdan bir gün qoğsalar acından öləsisən, ki öləsisən! Oğul gəl sən allaha bax, daşı ətəyindən tök, oxumağı qoy gəl buraya. Axır bilmirsən necə qazançlı sovda eliyirəm; kənddə hər üzünü vurursan. Bu gün bir motal aldım dörd manata; başından satırsan, sonra dönüb yerinə su tökürsən. Bir az satıb yenə su tökürsən. Ondan təzə penirin girvənkəsini alırsan altı qəpiyə, tökürsən motalın içinə, bir iki dəfə and içəndə, görürsən «axtarma» adına satılır. Xülasə, dörd manatlıq motal on beş manat pul çıxarır. Hər şey elə belə: bu gün on dörd qəpiyə şəkər alıb, qaynadırsan, içinə də bir az arı ölüsü, milçək ölüsü salırsan; görürsən girvənkəsi iki abbasıya xalis bal adına satıldı. Hər şey elə belə. Bu gün bilirsən ki tərəkəmə ildə bircə dəfə, bayram axşamı aş yeyir. Ondan yığırsan keçi piyi, mal piyi, nə bilim əlinə gələn şeyi qatıb əridirsən. Yağ rəngi vurub, saraldıb, girvənkəsi on şahıya kərə yağı adına satırsan. Elə hər şey belə. Məsələn, içilmiş çay qurusunu alırsan girvənkəsini iki şahıya, bir az soda vurursan rəngi qaralır, sonra çaya qatıb, Təbriz çayı adına girvənkəsini altı abbasıya gedə götürürlər. Tərtər düyüsünü alırsan yarıda xırda düyü qatırsan, çöllüdür də, nə qanır, görürsən akula düyüsü adına aldı apardı. Oğul! Bir əttar, baqqal malından savay ayrı şey də satsan eybi yoxdur. Bu gün dükəndir də nüsxəbənd malı da saxlıyırsan. Məsələn: gərçək yağı, müshildir, civə yağı, çaharşirə, bəvasil həbbi göy daş, zırnıx, nə bilim babına yağı.... İmdi bunları işlətməyi də bilirsən. Məsələn: keçələ civə yağı verirsən, heyzə olana müshil, gərçək yağı, çaharşirə, xiyarçənbər, sənə. Nə qədər də ayrı azar olsa elə bəvasil həbbi ilə yaxşı eləmək olar. Xülasə, oğul, bir belə ki pul mən qazanıram vallah heç piristovun babası da qazana bilməz!. Bir də ki musurmanlığından da çıxıb, gedib urus çörəyi yemirsən. Xülasə, oğul, başının bir tərəfi qırxılmış, bir tərəfi qırxılmamış olsa da durmuyub gələsən. Öz tərəfi Kabla Avdın. * * * Toy Toy vurulurdu. Zurnaçılar ordlarını şişirdib, gözlərini süzürdülər. Aşıq da sazı dıngıldadıb, yanğılı səs ilə oxuyurdu. «Mən bu dərədən ötmərəm / Çadramı yellətmərəm / Ağ saqqala getmərəm / Hoqqa baz oğlan gərək / Kəkili saz oğlan gərək...» – Sağ olsun aşıq! – deyə «padşah»[^p060] çığırdı. – Sağ olsun aşıq! – Fərraş təkrar edirdi. – Sağ olsun aşıq! – Hamı söylüyüb, ağız ağıza verirdilər. «Padşah» birdən yerindən qalxdı: – Fərraş! – Bəli, sənə qurban, padşah, – deyə fərraş baş endirdi. – Çək oradan qardavoy İmamqulunu! – Bu saat padşah! Aşıqlar da bir uzun dərə çalsınlar! Sağ olsun aşıqlar-zurnalar düzəlmişdi, dəf vurulurdu. Sağ olsun İmamqulu! Süzməkdə üstü yox idi: Ayaqları palazın üstə ehmal atılıb, düzməkdə idi; bədəni belə tərpənirdi ki elə bil heç sümüyü yox idi. Budur zurna yavaşıdı. İmamqulu gözlərini alaçığın bacasına tikib, yerində «bitdi». Məclis kiriyib, səs səmir kəsildi. – Yat, yat, İmamqulu! – Birdən «padşah» çığırdı: yat, yat! İmamqulu çoxdan yatmışdı: yerində tərpənməz durub, bircə sağ ayağının ucunu yavaş-yavaş palaza döyürdü. Çəpiklər çırtığa enmişdi: bunun da səsi eşidilmirdi. Neçə dəqiqə idi sakitlik bərpa idi. – Çəpik vurun! Çəpik! Çəpik!... Fərraş! Haradasan? Şapparla, çəpik vursunlar! Fərraş sağa, sola çubuqdan döşüyürdü. Yenə səs, küy, çəpik dam ilə bir oldu. İmamqulu da əvvəlki yerindən sıçrayıb, süzə-süzə məclisin o başına getdi. Bir də süzüb, bəri gəldi. Süzüb, yuxarı getdi. Oyunu yavaşıdıb, bir də «padşahın» qabağında «bitdi». – Sağ olsun İmamqulu! – Sağ ol aşıq!... [^p060]: Toy ağası. Bə’zi yerlərdə xan deyirlər. – Sinninə layiq deyilsə də, kişi qızın xatirəsi üçün yaxşı toy elətdirir-deyə məclisdəkilərin biri o birinə pıçıldadı. O biri: – Qız da yad deyil, ki, öz baldızıdır. Elə bu həyətdə də olur. – Baldız olanda nə olar; kişi çox vafalı kişidir. Görmürsən arvadı öləndən sonra on il evlənmədi. Qayın atası demişdi ki, balaca qızım böyüsün, sənə verəcəyəm. O da gözlədi. Qız imdi on dörd yaşına yetişib, toy olur. – Doğrudan vafalı kişidir: yetimlərin zəhmətini çəkə-çəkə saqqalı tamam ağardıb... – Fərraş, o kimdir orada söhbət eliyir? – «Padşah» sağ olsun, çaycı, Məşədi-Həsəndir. – Çək Məşədi-Həsəni bura. Gərək Məşədi Həsən məclisdə danışdığı üstə falaqqaya salınsın. Bir dəqiqə də falaqqa gəldi. Fərraşlar Məşədi-Həsəni yıxıb, ayağına on çubuq vurdular. – Usta, aşıq! – Bəli, padşah sağ olsun! – İmdi bir «kəsmə» hava çalın Məşədi-Həsən oynasın! Zurna düzəldi. Dəf vuruldu. Çəpik qalxdı. Məşədi-Həsən çuxasının qolları əlində oynamağa başladı. * * * Toy vurulurdu. Arvadlar otaqda çəpik çalıb, süzürdülər. Gəlinlər, qızlar ağır-ağır enib, qalxırdılar. Yüzlüklər şabaş verilirdi: – On tümən bərat verdim, yenə özündən bəyin, yenə kabla-Əbülqasımın! Ay şabaş, toy maşallah! Totuq gəlinlər bir-bir oynadılar, göyçək qızlar süzdülər növbət gəlinə gəldi: – Ay uşaq, qaçın gəlin gəlsin. Gəlin gəldi. Yanaqları alma kibi qızarmış. Sürməli gözlərini yerə tikib, utandığından kimsəyə baxa bilmirdi. Gəlin oyuna girdi. Gözəl gəlin, nazlı gəlin! Gəlin nə narın süzürdü. Nə dadlı səkirdi. Gah qızılları səslənir, gah düymələri şıqqıldaşır.... Səkdi gəlin, süzdü gəlin, bir də məclisin ortasında duruxub, əllərilə üzünü qapadı: Gəlin hökürürdü. Gəlin niyə ağlayır? Gəlinə nə dedilər? Bilən yoxdur. Kimsə gəlinin dərdindən agah ola bilmir. gəlin ağlayır; gözlərinin yaşları od kibi tökülüb, qırmızı yanaqlarını dağlayır. Bir dəqiqədə arvad-uşaq gəlinin başına toplandılar. Qız gəlinlər gəldilər. Bəs gəlin niyə ağlayır? Gəlin qoca kişiyə ərə getmək istəmir, yetim saxlamaq istəmir. «Mən o kişidən qorxuram; bacımı çərlədən kibi məni də öldürəcək» – deyib, gəlin zar-zar ağlayır. Gəlinin sözləri anasını da göyrəltdi: bu da gözlərini doldurub, hökürdü. Qız gəlinlər də doluxsunub, ağlaşdılar. Gəlin ağladı, anası ağladı. Bunlar da girişində qızlar ağladı, qonaqlar ağladı, totuq gəlinlər ağladı, çox göz yaşı töküldü, çox ürəklər yandı. * * * Toy vurulurdu. Zurnaçılar ordlarını şişirdib, gözlərini süzürdülər. Aşıq da sazı dınqıldadıb, yanıqlı səs ilə oxuyurdu: «Mən bu dərədən ötmərəm Çadramı yellətmərəm Ağ saqqala getmərəm Hoqqabaz oğlan gərək Kəkili saz oğlan gərək...» * * * Üç Tacir Azad tez-tez arvadı Mehrini götürüb, qayın atası gilə oturmağa gedirdi. Qapıdan içəri girən kibi baldızları Məryəm və Ziba yüyürürdülər bunların qabağına. Azad baldızlarına həmişə sovqat gətirərdi: sabından, şirnidən; hər nə ağlına gəlsə idi. Qızlar Azadı çox istərdilər, və hərəsi onun bir tərəfində oturub, güləş üzlərini ondan çəkirtməzdilər. Məryəm on iki yaşında qırmızı yanaq, sadəlövh bir qız idi. Ziba sa ondan kiçik idi. Birdən Məryəm əlini Azadın saqqalına sürtüb deyirdi: – Azad əmi, saqqalın nə yaman ağarıb! Və sonra ağzını büzüb, elə qəhqəhə çəkirdi ki, ətrafdakıları da gülməyə vadar edirdi. Kərbəlayı Mehdi çırt çubuğunu ağzından çıxardıb, təbəssüm ilə: – Ortancı, qızın mənə oxşayıb, sözü «dik» deyir! Azad Məryəmin sözlərinə ciddi mə’ni vermiyib, hamı ilə bir yerdə gülməyə başlardı. Mehri sükutda olardı. Ətrafdakılar deyirdilər, gülürdülər bu heyran-heyran baxardı, və həmişə dəruni bir fikir ilə məşğul olardı. Mehrinin bu halı, hamının nəzərini özünə cəlb edirdi – görürdülər yanaqları solur, gözləri çökəkə düşür. Anası Mehri ilə diz-dizə oturub, deyirdi: – Bala, niyə deyib-danışmırsan? Həmişə səni dinməz görürəm. Bəlkə deməli bir dərdin var mən bilmirəm? Mehri anasının üzünə şikayətçi bir nəzər ilə baxıb, başını aşağı sallardı, gözləri yaş ilə dolardı. Anası, tikrarən: – Balam, axır de görüm dərdin hayandandır? – … – Bəlkə çörəkdən, paltardan yarımırsan? Bəlkə səni evdə baldızların, qayınların yola vermirlər? De görüm axır nə olub? Mehri dinməzdi. Çünki halını bəyan etməyə dili yox idi; acıqlara da qarşı e’tiraza qadir deyil idi – cəsarətsiz, ixtiyarsız, şəxsiyyətsiz bir şey idi. Ürəyin dəki dərdinə səbr edib, gün-gündən fövt olurdu. Azad arvadı Məryəmi götürüb, qayın atası gilə oturmağa gedərdi; Mehrinin vəfatından bir il keçmiş toy olmuşdu. Qapıdan girən kibi qarşılarına Ziba çıxıb, gülə-gülə onları otağa aparırdı. Oturardılar, çay qoyarlardı, çərəz gələrdi. Deyirdilər, gülürdülər; hərənin nə mətai olsa idi ortalığa qoyardı. Təkcə Məryəm sükuta gedib, bir söz söyləməzdi. O diribaş, müdrik, həmişə şad qız, imdi qeyri-təbii bir halda ciddiləşmişdi, vaxtsız qocalmışdı. Yanaqlarında əvvəlki təravət, gözlərində dirilik qalmamışdı. Bahar çiçəyini şaxta vurub, qurudan kibi; ərə getmək də bu zərif, gözəl, həyat ilə məmlüvv qızcığazı, qüvveyi-mənhusəsi ilə bir cansız, rəngsiz heykələ döndərmişdi. Məryəmin gün-gündən fövt olub getməyi hamıya mə’lum idi. Lakin heç kəs onun əsl dərdindən xəbərdar deyil idi. Qanacaq o dərəcəyə yetməzdi ki, bircə adam onun dəruni aləminə əl aparıb, ürəyini dəlib, yaralayan qəmlərə çara arasın. Ətrafındakılar tamam qanmaz, nadan idilər. Bu nadanlığa yaşlı gözləri ilə baxa-baxa biçarə Məryəm saraldı, soldu: bir gün də şədid həyatdan aralanıb, rahətliyə çıxdı. Kərbəlayı Mehdi baxdı, gördü ki, Azad kibi adlı-sanlı və döylətli qohum bunun əlinə düşməyəcək. Kərbəlayı adam yollayıb, bir neçə ağ saqqal çağırdı, getdilər qazının yanına: axşam Zibanın kəbini kəsilib, qurtardı. İki gündən sonra Azad bir qısa həna alıb saqqalını qaraltdı. O bir gün də müxtəsərcə bir toy olub, gəlin gətirdilər. * * * Tacir Azad yenə arvadı ilə qayın atasının evinə oturmağa gedərdi. Lakin qabaqlarına çıxan olmazdı. Oturardılar; yeyib, içərdilər. Artıq deyib-gülən, şadlıq eləyən yox idi. İki tərəf də həmişə sükutda olardı. Azad fikrindən keçirirdi: – Arvad gün-gündən saralır; deyəsən, bu da bacıları kibi «gönü duzluyacaq», yenə xərcə düşüb təzədən evlənəcəyəm! Kərbəlayı Mehdi də qızına baxıb, ürəyində vuruşdurardı: – Qız öləcək, Azad kibi qohumdan əlimiz çıxacaq. Tərs kibi yerdə bir ayrı qız da yoxdur ki yerinə verək! * * * Sərhəd məsələsi – Min dəfə deyirəm bu zəhirmar çəpəri çəkəndə öz xarabanızdan çəkin! Bu sözlər ilə dəmirçi Kərbəlayı-Ağca həyətin kənarına gəlib, başladı «basarax» Kazımın təzə çəkdirdiyi çəpəri uçurmağa. – Tərpətmə! Sənə deyirəm tərpətmə! Tərpətmə! Bu sözlər ilə də «basarax» Kazım yüyürüb, Kərbəlayı-Ağcanı dutdu. Kərbəlayı-Ağca dartına-dartına: – Min dəfə deyirəm bu zəhirmar çəpəri çəkəndə öz xarabanızdan çəkin! – Dedisə də Kazım bunu buraxmadı: – Bura mənimdir, buradan çəkəcəyəm! – Xeyir sənin deyil! – Xeyir mənimdir! – Sənə deyirəm, sənin deyil! – Sənə deyirəm mənimdir! – Xeyir sənin deyil! – Xalis mənimdir! Kərbəlayı-Ağca ürəyi döyünə-döyünə gözlərini «basarax» Kazıma ağardıb, hirsli və titrəyən dodaqlarını bir-birinə yavıqlaşdırıb, güc ilə dedi: – Allahü əkbər, Lə’nət sənə şeytan! «Basarax» Kazım da yoğun qaşlarının altından baxan xırda üzüm gilələrinə oxşar gözlərini bərəldib dedi: – Niyə gözünü zadını ağardırsan? Səndən qorxan yoxdur! De görüm hələ çəpəri niyə sökürsən? Kərbəlayı-Ağca acıqlı cavab verdi: – Çox da yaxşı eliyirəm! – Çox qələt eliyirsən! – Qələti baban eliyir! – Sənin həftati-püştün eliyir! – Babayın babası eliyir! Burada artıq səs gəlmədi: qonşular tutuşdular. Qoçaq Kərbəlayı-Ağca Kazımı, qara quş kibi, boğazından aldı. Kazım da kümbə kibi əllərilə Kərbəlayı-Ağcanın yaxasından yapışdı. Bir az dartışdılar. Bir-birinə qalib gələ bilmədilər. Kərbəlayı-Ağcanın fikrində bu idi ki, çəkici sindanda vuran kibi, «basarax» Kazımı çəpərə elə çırpsın ki, çəpərin taxtaları laxlasın. Amma olmadı: Kazım o qədər ağır idi ki, heç yerindən də tərpənmədi. Kazımın da fikrində bu idi ki, Kərbəlayı-Ağcanın yaxasını tamam cırsın. Bunu Kərbəlayı gördükdə qəzəbli səs ilə dedi: – Əlini yaxamdan çək! Cavab gəlmədi. Bir də: – Sənə deyirəm əlini yaxamdan çək! Yenə cavab gəlməyəndə Kərbəlayı dartınıb, ona bir iki yumruq vurdu. Dava şiddətləndi. Səslər ucaldı. Söyüşlər şiddətləndi. Kərbəlayı-Ağcanın arvadı, qara Ballı, təzəcə bozbaşın kəfini alırdı, həyətdən bərk səs gəldi. Qaşığı yerə qoyub, otaqdan çıxdıqda, işdən xəbərdar oldu. Daha Ballının əlindən nə gələr: bir az o başa, bir az bu başa yüyürüb; bir az dizinə çırpıb, sonra yaşmandı, və sağ əlini qabağa uzada-uzada çığırdı: Kərbəlayı-Ağca arvadı görcək bir az ürəkləndi: – Adə, ey! Ay qırmızı! Kişinin yaxasını niyə cırırsan? axır təzəcə tikmişəm! Kərbəlayı-Ağca arvadı görcək bir az ürəkləndi: – Ədə gəl bu çəpəri sök! Arvad ayaq yalın yüyürüb, başladı çəpərin taxtalarını silkələməyə. «Basarax» Kazımın arvadı Xırda xanım bunu görcək, yaylığı başına atıb, yüyürdü. Bunlar da birçəkləşdilər. Hərdən qara Ballının səsi gəlirdi. – Ay qız! Eyyy! Ay arvad! Dəli olmamısan çəpkənin qolunu niyə cırırsan?.. * * * Axşam vaxtı idi. Məşədi Qasım və oğlu Əliqulu darvazadan içəri ayaq qoyanda, xəbərdar olub, çəpərə tərəf yüyürdülər. «Basarax» Kazımın oğlanları, Qənbər, Sülü və qardaşı Zalış da burada hazır oldular. Daha durmaq yeri deyil idi: Məşədi Qasım Qənbəri götürüb, çırpdı yerə; Əliqulu çəpərdən bir taxta qopardıb Sülüyə qolazladı, və sonra birçəyindən dutub qapazdan döşədi. Zalış qaldı tək, bilmirdi nə qayırsın. Əvvəl Kərbəlayı-Ağcaya bir neçə təpik vurub, sonra Əliqulunu o ki var döydülər. Məşədi-Qasım Qənbəri gücdən salıb, Əliqulunun köməyinə gəldikcə, Zalış ilə dutuşdular. Zalış buna bir badalaq atıb, yıxdı və Qənbəri də çağırıb, bunu təpikləməyə başladılar. Sülü təklikdə Əliqulu ilə bacarmadı: Əliqulu yerdən qalxıb, Sülüyə bir iki ağac vurdu. Sülünün başının qanı axa-axa Əliquluya aman verməyib, onu qucaqladı, və iki əlli onun qulaqlarından dutub, yerə yıxdı. Əliqulu lap candan düşmüşdü: Sülü şir tək onun üzünü yırtıb dağıtdı; bədənini ağac, daş, təpik və yumruq ilə əziklədi. Zalış Məşədi-Qasımı döymək ilə soyumuyub, tamam boğdu. Qənbər bir şey bacara bilmədi: özü də kötəkdən şişmişdi. Kərbəlayı-Ağca «basarax» Kazım ilə qalmışdılar çəpərin yanında. Hərdən Kərbəlayı deyirdi: – Ədə, əlini yaxamdan çək cırarsan! Kazım qulaq vermiyib, Kərbəlayını təpikləyirdi; o da cavabında ona bir neçə qapaz vururdu... * * * Gün batmışdı, amma hələ qızartısı göydən çəkilməmişdi. Müharəbə meydanında mərmər başlar əzilməkdə idilər; qarınlar təpiklənməkdən ayran tuluğuna dönmüşdü. Başlar, gözlər şişmişdilər, amma hələ ürəklər soyumamışdı: vuruşma davam edirdi. Yenə qara Ballının səsi gəlirdi: – Ay qız, ey! Ay arvad! Dəli olmamısan çəpkənin qolunu niyə cırırsan? Kərbəlayı-Ağcanın köynəyi parça-parça olmuşdu, amma hələ «basarax» – Kazıma bir şey eləyə bilməmişdi. Kərbəlayı onu qıçından götürüb, yerə çırpmaq istəyəndə özü də yıxılıb, «xurcun tayı» düşürdülər və başlayırdılar torpaqda eşələnməyə. Kazım bir «dürtmə» vuranda Kərbəlayı-Ağcanın qabırğaları batırdı; bu da onun acığından onun qulağını dişləyirdi.... * * * Qonşu «dana» Şükür pəncərəsindən neçə dəqiqə idi ki davaya tamaşa edirdi. Bunun yoluq bığlarını və batıq yanaqlarını görən deyirdi: «Bu dutduğunu əldən qoymaz; dırnağına keçənin başını, gözünü əzməmiş əl götürməz»... «Dana» Şükürün «basarax» Kazım ilə çoxdan arası yox idi: Kazım çəpər çəkəndə bunun da yerindən qəsb eləmişdi. Buna görə Ağcanın Kazıma qalib gəlməməyi buna çox əsər eliyirdi və könlündən bilaixtiyar dava keçirdi. Əyər Ağca tərəf qalib gəlsə idi, demək olar ki, Şükür sakitləşərdi. Bu da ki, naməlum idi: görürdü ki qaranlıq qolların arasında vuruşurlar, çırpışırlar. hərdən qulağına bir taqqıltı səsi gələndə, bilirdi ki baş yarıldı; amma kimin başı idi, bilmirdi. Xülasə, «dana» Şükür bir az bunlara baxdısa davam eliyə bilmiyib, divardan asılan çomağı götürüb, çəpərdən keçdi və yetirən kibi elə vurdu ki Kazımın başı qarpız tək cırıldı. Bunu Zalış gördükdə bir daş götürüb, Şükürə atdı. Daş Şükürün sinəsinə dəyəndə Şükür yatdı; və sonra qalxıb, Zalışa bir çomaq vurdu. Zalış da çəpərdən bir ağac qoparıb, Şükürün peysərinə yapışdıranda, Şükür palaz kibi yerə sərildi.... Dava təzədən qızışdı: başlar yarılmaqda idi; saqqallar yolunurdu; səs qonşu evlərə düşürdü. Bazardan qayıdan kişilər tamam buraya yüyürürdülər və qohum-qohuma, dost-dosta kömək çıxırdı. Təzə başlar sınırdı, təzə dişlər tökülürdü. Yarım saat çəkmədi, şəhərin yarısı buraya cəm oldu; dalaşanları aralamaq qeyri-mümkün idi. Çırpışma davam edirdi; gözlər təzədən qızıb, ürəklər təzədən döyünürdü; çomaqlar peydərpey enib, qalxırdılar... * * * Gecədən bir neçə saat keçdi. Xalq damlarda və ağacların dibində yatmışdı. Müharəbə meydanında sakitlik idi; iki tərəf də evlərinə çəkilmiş idi. «Basarax» Kazımın başını səriyib bir tərəfə yıxmışdılar; Zalışın qulaqları qarpız kibi sallanırdı; Qənbər şişib, dama dönmüşdü. Dəmirçi Kərbəlayı-Ağca gilə çoxlu arvad yığılıb, Kərbəlayının batmış qabırğalarına qır saqqız salırdılar. Məşədi Qasımın çanağından çıxmış gözlərinə süd sağırdılar; Əliqulunun yaralarına yağlı qara qoyulub, bağlanmışdı. Yaralananlar ufuldayıb, ilan kibi qıvrılırdılar və yuxudan ayılan şişmiş üzünü turşaldıb, zarıltı ilə deyirdi: – Gərək, qalsın sənilə mənimki. Həlbət buradan duraram!!!.... «Dana» Şükürün evindən bərk ağlaşma səsi gəlirdi – Şükürün dirilməyinə ümid yox idi; başının qanı yağlı qaranı götürüb gedirdi. Yaraya peyin doldururdular, o da fayda vermirdi... Bir saat da keçdi. Ay ağacın dalından yuxarı qalxdı. Xoruzlar banlaşdı. Səs Şükür gildə daha da şiddətləndi: Şükür təslim-ruh etmiş idi: Ayrı yerdən səs gəlmirdi. Kərbəlayı-Ağcanın çırağı sönmüşdü. «Basarax» – Kazım gildə hamı həzincə-həzincə xuruldaşırdı. Bircə qara Ballı cırıq çəpkənini çırağın qabağında o tərəfə bu tərəfə çevirib, deyirdi: – Qadan alım, qudurmuş arvad gör təzəcə çəpkəni nə kökə qoydu!... * * * Qumarbazın arvadı Yayın aydın gecələrindən idi. Söyütlər və akasyalar sakit və samit durub, qayınatın dərin bir yuxuya dalmağına tamaşa edirdilər. Cavan gəlin Süreyyə pəncərədən küçəyə zənn ilə baxıb, qulaq verdi və səs-səmir eşitmiyib, ehmal ayağının ucunda gəlib yatacağının üstə uzandı. «Gəlmədi – gəlin öz-özünə dedi: yəqin qumarxanalardan çıxıb, görəsən haraya getdi... Hər gecə belə, bilmirəm dərdimi açıb, kimə deyim. Evdə də bir söz danışa bilmirəm: qayın atam gedir bazarda abırısını tökür, o da gəlib məni döyüb, incidir ki, niyə mənim gəzdiyimi onlara xəbər verirsən. Demirəm də gecəyə kibi evə gəlmir. Bilmirəm məni avara qoyacaq idilər, niyə vətəndən diyar-bə-diyar saldılar... Qürbətə əvvəl qız verib, ələni görüm qəbri od ilə dolsun!...» Süreyyə bir də yatacağından qalxdı, və ərinin gəlməməyini həyətdə yatan qayın ana və qayın atasına bildirməmək üçün, yenə ayağının ucunda ehmal yeriyə-yeriyə pəncərəyə tərəf gəldi. Ay batmağa üz qoymuşdu. Küçədə söyütlərin və akasyaların uzun kölgəsindən başqa bir şey görünmürdü. Süreyyə pəncərəni açıb, başını dışqarı çıxartdı, və nə qədər diqqət ehmallıqda qayıdıb, yatacağında uzandı. Süreyyə yavaşca pəncərəni örtüb, ayağının ucunda əvvəlki ehmallıqdan qayıdıb, yatacağında uzandı. Sabah gün orta, Süreyyənin qayın atası, bazardan hirsli qayıdıb, düz gəlin otağına hücum gətirdi və ağzına gələn latayılı (latayir) söylədi: – Bu gün Səməd yenə dükana niyə gəlmiyib? Dahı nə vaxtacan bu mənim malımı, pulumu aparıb, uduzacaq? Nə vaxta kibi əlinə düşəni urus arvadlarına yedirdəcək? Tahı bəsdir. Adamda da bir həya gərək. Mən səni gəlin gətirdim ki, oğlumun ayağını qumarxanalardan, yava yollardan çəkəsən. Gətirmədim ki sən də mənə bir tərəfdən yağı olub, oğlumun əməllərini məndən gizliyəsən. Bütün işlər başı sənsən; çörəyimi yeyib, mənə xiyanət eliyirsən. Baba, gözüm, canım niyə itilib dədəyin xarabasına getmirsən? Dədən biqeyrət oğlu gərək zibilini öz başından rədd eliyib, mənim qapıma tökəydi.... Kişi ağzına gələn söyüşü gəlinə dedi və sonra da qolundan yapışıb, darta-darta: – Canım, çıx get mənim evimdən, daha mən sənə çörək verməkdən təngə gəldim – dedi. Biçarə Süreyyə qayın atası dartdıqca, yaylığı ilə bərk-bərk bürünüb, səsini bilmərə çıxartmırdı. Ancaq qorxusundan tir-tir əsib, gözlərinin yaşını tökürdü. * * * Bir il idi ki, Süreyyənin ömrü belə keçirdi. Əri Səməd bir gecə evdə tapılmazdı; peşəsi neçə günlər ilə dükana getmiyib, qumarxanalarda; pis yerlərdə eyş-işrətə məşğul olmaq idi. Arvad isə qayın ana və qayın ata boyunduruğunun altında töhmətzədə olub, cavan ömrünə balta çalırdı. Səməd nə günah eləsə idi, nədə müqəssir olsa idi, nəticəsi Süreyyəyə toxunacaq idi. Qayın ana axşamadək onun üzünü danlayırdı, qayınlar söyürdülər və çox vaxt acıqları dutanda ev əşyalarını bir-bir başına yağdırırdılar. Qayın ata isə arvadı ilə namısa xətər yetirən sözlər icad edib, gəlinə min bohtanlar isnad verirdilər. Vicdansızlıq o dərəcəyə yetirdi ki qoca bu bohtanları bazarda hər ötüb keçənə nağıl etməkdən də çəkinmirdi. Bu söz və söhbətlərin, müamələ və rəftarın nə qədər Süreyyəyə acı tə’siri olurdusa da, səbr eliyirdi. Səbr etmiyib də nə edə bilərdi? Müslimələrin səbirdən başqa əllərində bir silahları yoxdur. Bunlar üçün azadəlik, öz diriliyi yolunda mübarəzə yaranmıyıb; hamısı əsir, tərbiyəsizlik əsiri... * * * Bir gün Süreyyənin cehizlərini qayın atası çıxardıb, evdən bir-bəbir həyətə səpdi və dedi: – Mənim bundan sonra Səməd adlı oğlum və Süreyyə adlı gəlinim yoxdur. Gedin mənim evimdən hara kefinizdir. O gündən Süreyyə əri ilə şəhərin bir kənarında otaq kirə edib, sakin olurdular. Səməd valideyninin təhti-nəzarətindən qurtarıb, avara gəzməyə daha da meydan vermişdi. Süreyyə yalnız damlarda, tənha həyətlərdə ömrün ağır əziyyətlərinə davam edirdi. Səməd neçə günlər ilə naməlum yerlərdə özü üçün ləzzət aparanda, Süreyyə ac və yuxusuz onun yolunu gözlüyürdü. Gəlib çıxanda da arvadın cehizlərindən bir şey alıb, aparmamış əl çəkməzdi. – Ay balam, axır belə olmaz – Süreyyə bir gün ərinə dedi: Sən mənim cehizlərimi tamam aparıb, uduzdun. Səməd arvadın cavabında dinmədi (Səməd tək-tək arvadı ilə danışardı, həmişə evdə sakit və qaş-qabaxlı oturardı) və başladı, döşənən xalçanı yığıb, aparmağa. Süreyyə gözləri yaşlı yeriyib, onun üstə çıxdı, və istədi götürülməyinə mane’ olsun, bir də əri sinəsinə bir yumruq çırpıb, dedi: – Çəkil oyana, rədd ol. Sən mənim vəzir-vəkilim olmamısan. Süreyyə ağlaya-ağlaya yaxın gəldi: – Mən onu barmaqlarım tökülə-tökülə toxumamışam ki, aparıb uduzasan. Bu da o biri şeylərim olmuyacaq: paltarım getdi, palazım getdi, qızılım getdi, vallah qoymayacağam daha bunu aparasan. Süreyyə Səmədin əlindən xalçanı dartdıqda, Səməd təpik ilə arvadını vurdu yıxdı, və xalçanı götürüb, qapıdan çıxdı. Üç gün Səməd itdi. Onu şəhərdə «gördüm» deyən olmadı. Dördüncü gün nahar vaxtı, qoltuğunda bir çörək gəlib, çıxdı. Süreyyə çörəyi aldı, və yarı acıqlı, yarı sızıltılı bir səs ilə dedi: – Balam, nə vaxtacan gedib, batıb gələcəksən; mən də qalacağam damın altında ac, susuz. Bircə adamım olmuyacaq ki, bazarlıq eləsin. Pulum olmuyacaq qənddən, çaydan alım... Balam axır, mən də insanam – yemək istiyirəm, içmək istiyirəm. Bunu allah götürərmi, sən mənim başıma bu müsibəti gətirirsən... Səməd qaş-qabaxlı içəri daxil olub, otağı nəzərdən keçirməyə başladı. Süreyyə sözlərində davam edirdi: – Mən bu evdə yemiyəcəyəm, geymiyəcəyəm, gün görmüyəcəyəm nəyə məni avara qoyursan? Bir üzüm qız, bir üzüm gəlin tək evlərdə qalıram, axırda adıma da söz desələr yaxşıdırmı? Arvad saxlıya bilmirsən kağızımı ver məni zindandan qurtar! Səməd arvadının sözlərini kəsib, acıqlı: – Yenə zəhləmi tökmə, bircə sandığın açarını mənə ver görüm. Süreyyə «sandıq» sözü eşitcək filfövr dəyişilib, bir ayrı hala düşdü; kədərdən rəngi qaçıb, dodaqları yarpaq kibi əsdi. – Açarı nə edəcəksən? – dedi: qalan qızılları mamı gözünü tikmisən? Vallah boynuma diri ilan salasan onları vermərəm. İmanım, dinim bir qızıldır, onu da aparıb uduzmaqmı istiyirsən? Səməd bir az ehmal səsilə: – Axmaq olma, sabah yenə gətirib, özünə verəcəyəm. – İstəmirəm. Elə xalımı, qəbələrimi də sabah gətirirdin; üzüklərimi, qızıl yaxalığımı da gətirirdin... İstəmirəm, bircə ətəkliyim qalıb, tahı onu verməyəcəyəm. Səməd hirsli bir halda sandığa tərəf yeridi: – Məni yenə dindən, məzhəbdən çıxartma, açarı ver! Süreyyə ərinin sandığa doğru getməyinə mane’ olub, deyirdi: – Vallah verməyəcəyəm. Qızıl mənim yaraşığımdır, adımdır. Səməd arvadını acıqlı kənara itələdi: – Sənin yenə döyülməyin yetişib, iki üç gündür ki döyülməmisən deyən havalanmışsan. – Döyülməyim yetişib, döy! Tahı nəyim qalıb ki: başımda yolunmaqdan bir tük qalmayıb, dişlərimi vurub, salmısan. Səməd yerindən qalxıb, arvadına bir zapalaq çəkdi ki, zərbdən gözlərindən od parladı. Biçarə ağlaya-ağlaya ərini qarğış eləməyə başladı: – Qolların qurusun! Sənin gücün məni döyməyə çatırsa, mən də allaha sığınmışam. Allah bu zülümü götürməsin! Səməd otaqdan çıxdı, və neçə dəqiqədən sonra əlində balta içəri daxil olub, sandığa tərəf getdi. Süreyyə qollarını sandığın üstə gərdi və ağladı: – Vallah qoymayacağam sındırasan. Mənim göz tikəcəyim bircə qızıldır, onu da aparsan nəyim qalır? Səməd arvadını zor ilə kənar edib, baltanı sandığa çırpmağa başladı. Süreyyə yenə ilərliyib, gözlərinin yaşlarını tökə-tökə ərinin əllərini dutdu. Səməd acıqdan rəngi qaçmış: – Ölümü yetişib ha! – Ölümüm yetişibsə, öldür. Bu gündənsə ölüm yaxşıdır. – Ölümün yetişməsin, oyana qaç! – Qaçmıyacağam. Səməd bir də güc elədisə arvadın əhdəsindən gələ bilmədi. Baltanı qovzadı, sandığa çırpsın, yenə Süreyyə özünü qabağa verib, ağlaya-ağlaya yalvardı. Səməd arvadını döydü, ona söydü, üstünə çığırdısa da, Süreyyə qızıllarından əl çəkməmək fikrilə sandığı qucaqladı. Bir də balta ildırım kibi havadan endi. Süreyyə əllərini başına atıb, sandığın qabağına sərildi.... Al qan gəlinin göz yaşları ilə qarışıb, soyuq yanağı aşağı axırdı. * * * Polis paltosu Talış-xanın ürəyini söz dəlirdi. Özü də söz saxlamıyan bir adam, elə istiyirdi ki, qarşısına çıxana açıb, dərdini desin. Bir də xan fikir eliyirdi: «Hər sözü adam özgələrə deməz. İşdir, birdən gedib qubernatın qulağına çatar, onda... onda nə olacaq, adamı elə itirərlər ki heç yeri, yurdu da mə’lum olmaz». Xan özünə bir az öyüd və nəsihət verirdisə də, ürəyindəki söz ona sakitlik vermirdi. «Yoxsa arvada deyim-xan yenə özü ilə söhbət edirdi: arvad gedib, mənim sözümü özgələrə deyib, sirrimi açmıyacaq ki, qubernat da məndən kəm iltifat olsun. Deməz... ağzı da nədir desin; bir dəqiqə də nəkərlərə öldürdüb, meyitini itirdərəm». Bir də Talış-xan fikrini dəyişdi: «Arvad tayfası, ağılsız olur. Bunlara e’tibar edib, söz demək olmaz. O da qan bahalı söz. Yox, yaxşısı budur ki gedib, dostum Paşa bəyə deyim. Özü də elə gedim ki, heç kəs xəbərdar olmasın».... Bu fikir xanın ağlına batdı. Nəkərləri çağırdı ki, paltarını gətirsinlər. Talış-xan paltarını geyib və rəfi-iştibah üçün Kars davasında aldığı «Georgi» xaçını döşünə taxıb, qarğısını da qoluna alıb getdi. Xan Paşa-bəyin darvazasına yetişdikdə, küçəyə zənn elədi və şübhəli adam olmamağını görüb, içəri girdi. Böyük həyəti də nəzərdən keçirib, kəhnə imarətin pilləkənindən yuxarı çıxmağa başladı. Paşa-bəy yenicə ayaq barmaqlarına həna yaxıb, ocağın qırağına uzatmışdı, ki Talış-xan qapıdan girdi: – Xeyirdimi a qoduq-deyə: bəy gülümsündü (xan ilə bəyin zarafatı var idi: Həmişə bir birini «qodux» deyə çağırırdılar). – Xeyir olmamış nə var, ölkə bir birinə desin, sən də ayağına həna yax. Paşa-bəy xanın üzündə ciddi və mühüm bir xəbər olmasını anlayıb, yavaş bir səs ilə: – Doğrudan nə olub? Bəyin cavabında xan bir az duruxub və otağı da nəzərdən keçirib, qayət yavaş bir səs ilə Paşa-bəyin qulağına pıçıldadı: – Deyirlər... qubernatın ayağına çıban çıxıb. Bəy bu sözdən dik atılıb, az qaldı ürəyi getsin. Xan da çəkilib, bədbənzi qaçmış bir tərəfdə toxdadı. Bir az keçmiş xan cəsarətsiz: – Bəlkə (allah eləməmiş) Evo prevasxoditelstvonun başına bir iş gəldi, onda nə təhər olacaq. Deyəcəklər ki, xanlar, bəylər günahkardırlar. Bəy yavaş səs ilə: – Bəs nədir, elə urus da şiltağa gəzir... Xan Paşa-bəyin sözlərin kəsib, dedi: – Başına dönüm, Paşa, urus adı çəkmə, nə lazım... biz həmişə urus padşahının itaətində olmuşuq, yenə hazırıq. Ancaq... adamdır dayna, ürəyinə xovf gələr... İmdi nə bilim, çibandır vurdu birdən... başına dönüm, Paşa, gəl heç bu sözü danışmayaq. Paşa-bəy bir az cürətli: – A kişi imdi danışanda bizi sürməyəcəklər ki, sözdür... Talış-xan əlilə Paşa-bəyin ağzını dutub, yenə sözünü kəsib dedi: – Paşa, allah xatırına xataya salma, qələt eləmədim bir söz dedim. Küçəyə salacaqsan gedib, qubernatın qulağına çatacaq, ondan oyana di ol Talış-xan! Paşa-bəy xandan xilas olub, yenə danışmaq fikrində idi. Bir də xan qulaqlarını dutub, «allah xatırına məni xataya salma» deyə-deyə otaqdan çıxdı. Balkonda qulluqçular ağaların paltarını şəlitə sərib, havaya verirdilər. Bunların içində qırmızı boyunlu bir kəhnə polis paltosu var idi. İttifaqən Talış-xan otaqdan çıxdıqda, gözü bu polis paltosuna sataşdı. Biçara xan belə güman elədi ki piristov Paşa-bəy güldə qonaq imiş və qubernatın çıbanı barəsində olan söhbətləri tamamən eşidib. Bu güman ilə xan aram tapa bilməyib, qorxulu gözləri paltoya baxa-baxa yıxılıb, özündən getdi. Bir dəqiqədə nəkərlər töküldülər. Paşa-bəy də içəridən çıxdı. Su gətirdilər Talış-xanın üzünə və sinəsinə su səpib, ovmağa başladılar. Xan bir az özünə gəlib, bir də göz elədi. Yenə üzünə su çiliyib, ayıltdılar; durub oturdu. Paşa-bəy soruşdu: – Ay dadaş, axır sənə nə olub? Xan buna cavabən titrək səs ilə. – Nə olacaq, piristovu evə gətirirsən mənə demirsən. Məndə... olur da, adam artıq-əysik danışır. – Ay dadaş, piristov burada yoxdur. Vallah bilmirəm bunu sənə kim xəbər verdi? – Niyə özüm görmürəmmi, paltosu da orada asılıb. «Palto» sözündə xanın rəngi qaçdı. Paşa-bəy and içə-içə: ay, Talış, vallah, billah, palto özümündür. Çıxardıb günə verirlər. Xan inanmaq istəmədi. Bəy sözündə davam edirdi: – İstiyirsən dürüst bax, kəhnə paltodur. Belə paltonu piristov geyməz, onunku həmişə təzə olur. Mən bunu kəhnə paltar satandan almışam. Paltonun kəhnəliyini sübut etmək üçün biçarə Paşa-bəy bir çomaq götürüb, paltoya çırpdı, toz qalxıb, duman kibi ətrafı dutdu. Xülasə Paşa-bəy və nəkərləri nə qədər dəlil və sübut ilə sə’y edib, paltonun rəvayətindən nağıl etdilərsə də, xanı şübhədən çıxarda bilmədilər. Belə şübhəli və bir az da rəncidə-xatır xan durub, darvazadan çıxdı. Yol ilə gedərkən, xan belə fikirdə idi: «Necə ola bilər ki, mənim otuz illik əməyimi bir piristov zayil eliyə. Mən otuz ildir padşahıma nəkərçilik eləmişəm, Kars davasında qan tökub, rəşadət göstərmişəm... Necə ola bilər ki... mən bilirəm ki bu saat işlər qubernata mə’lum olacaq. Ondan sonra... mən necə qubernatın gözünə görünə bilərəm... bircə çara var: gərək bu saat qubernatın yanına gedib, ayaqlarına yıxılam; deyəm: «Məni balalarımın başına çəyür!» * * * Axşam xan ovqatı təlx evə qayıtdı. Qapıçılar cavab veriblər ki, qubernat yatıb, heç kəsi qəbul etmir. Qapıçıların sözləri Talış-xanı odluyurdu. Xan yəqin eləmişdi ki, qubernat piristovun sözlərindən kədərlənib, qapını açdırmıyıb. Bu işlərdən şiddətli bir nəticə hasil olmağı xana aşkar idi. Arvad ərini bu halda görcək soruşdu. – Niyə bikefsən, xan? Xan arvadının boynunu qucaqlayıb, ağladı. – Ay arvad, qubernatın qəzəbi dutub, necə olacağıq? Bizi sürdürsə başımızın ağarmış vaxtı Sibirdə nə qayıracağıq? Arvad işdən dürüst xəbərdar olduqda ərini qucaqlayıb hökürdü: – Ay Talış, kaş elə idim bu günü görməyə idim! Xan ağlaya-ağlaya: – Arvad, ay gözəl arvad, bircə asudəlikdə qədrini bilmədim. Məni halal elə. – Halalın olsun, yazıq kişi, mənə nə eləmisən ki halal eliyim? Ər və arvad neçə dəqiqələr otağın ortasında qalıb, ağlaşdılar və sonra arvad yanğılı bir səs ilə: – Talış,-dedi: qoyarammı səni sürgün gedəsən: saçlarımı döşərəm qubernatın ayağına. Səndən vəfa görmüşəm, ay kişi. Bir dəqiqədə arvad nəkər və qulluqçudan bir neçəsini götürüb, izhari-übudiyyət və əfv diləmək üçün qubernatın evinə rəvan oldular. Talış-xan da məhəllə ağ saqqallarının dalınca getdi ki, bunları da qubernata minnətçi göndərsin. Məscidin yanından keçdikdə hələ xanın gözlərinin yaşı qurumamışdı. Biçara tez-tez göyə baxıb, allahdan qubernatın könlünə rəhm salmağı diləyirdi. Bir də... heyhat!.. xanın qarşısında bir polis paltosu durmuşdu. – Sənə fəda olum,-boğunuq və titrək bir səs ilə xan-deyirdi: Mən otuz ildir padşahıma nəkərçilik eləmişəm. Kars davasında can ilə qulluq eləmişəm; velikiy kinyazın özündən «Barakallah» almışam. Padşahın cəmi nəkərlərinin nəkəriyəm; dəftərxana qulluqçularından tutmuş uryadnikə dək-hamısının quluyam, hamısının itiyəm... Polis paltosu quya xanın nitqinə e’tina etmiyib, irəli yeriyirdi. Xanın dili dutula-dutula: – Cəmi divan adamları mənim böyüyümdürlər; hər nə buyursalar başım üstə əmələ gətirərəm. Ağ saqqal vaxtımda cəhənnəmə də göndərsələr, gedərəm... Palto bir az da yavıqlaşdı. Xan sözünü tə’sirsiz gördükdə, dili qorxudan daha da dutuldu və üzünü döndərib, qaçmağa üz qoydu. Xan qaçdıqca, palto da onun dalınca düşdü. Xan nə qədər bərk yüyürdü, palto da onun ilə ayaqlaşdı. Axırda lap çatırıb, üstünü kəsdirdi. Qılçaları qurumuş xan başının üstə polis paltosunu hiss etdikdə, zəhrəçaq olub, yerə yıxıldı və buradaca canını əzrayıla tapşırdı. Məscid mücaviri yüyürüb, xanın ölmək xəbərini arvadına vermək istədikdə, onu da orada bağrı çatlayıb vəfat etmiş gördü. Qubernat xanımı qəbul etməyib: yatmış imiş. * * * Dürnisə və Kərbəlayı Eyvaz Kərbəlayı-Eyvaz otağa girəndə arvadı Dürnisəni bikef gördü. Kişi arvadına heç e’tina etmiyib, ocağın qırağında oturdu. Bir az qızışdı, burnunu çəkdi, sonra arvada tərəf baxıb dedi: – Elə oturub, elə bil bu acından ölən bunun sahibi deyil. Niyə durub, pişmiş vermirsən yeyim? Arvad ağlamsına-ağlamsına: – Özün get götür ye; daha bundan sonra mən sənə qulluq eləmiyəcəyəm. Sən ki mənim qədrimi bilmirsən. Kişi hirsli: – Yenə nə olub? Cinin dutmuyub ki! – Nə olacaq, sabahdan axşamadək işləyirəm; heç bir demirsən: «Ay, arvad, allah atana behişt versin, allah səndən razı olsun». Ancaq onu bilirsən ki, evdə qaş qabaqlı oturub, köntöy köntöy danışırsan! Kərbəlayı Eyvaz arvadın nazından baş açmırdı-cəmi fikri zamanının dəyişilməyi ilə; bazar kəsad, müştəri yox, zindəganlıq çətin, arvadın sözləri də bir tərəfdən. Kişi tab gətirə bilmiyib, odlandı: – Qulluq eləmirsən, eləmə! Mən də səni boşaram qalarsan canın çıxa-çıxa. – Boşa! Elə mən də allahdan onu istiyirəm. Kərbəlayı Eyvaz daha da acıqlandı. Yerindən qalxdı, arvada bir iki təpik vurub və sonra taxçadan boğçaları yerə töküb, dedi: – Dur, cır-cındanı yığ gedək qazının yanına: səni boşuyuram. Dürnisə gözünün yaşını ətəyi ilə silib, cehizlərini topladı və buxçaya bağlayıb, vurdu qoltuğuna. Ər, arvad bir birinə qoşulub, fanus əllərində, axşam getdilər qazının yanına. Qazı köynəkli bunların qarşısına çıxıb, bir ərə baxdı, bir arvada baxdı; sonra qoltuğunu qaşıya-qaşıya dedi: – Sabahı allah kəsməmişdi ki, axşamın qaranlığında durub, oradan buraya gəlibsiniz? Kərbəlayı Eyvaz baş endirib dedi: – Ay qazı ağa, bunun əlindən mənə dinclik yoxdur. Bilmirəm zindəganlığın dərdini çəkim, yoxsa bunun. Allah xatırına bunu mənim başımdan rədd elə! Dürnisə də yaşmanıb, danışmaq istiyirdi, qazı sözünü kəsdi: – A kişi, bihəyalıq bu qədər! Hələ danışır da... * * * Nikah fəsx oldu. Kərbəlayı Eyvaz qayıdıb gəldi evə, Dürnisə də salıb qohumu gilə getdi. Kərbəlayı axşam çırağı yandırıb, bir az oturdu; gördü bundan fayda yoxdur-yatmaq tədarikinə düşmək gərək. Qalxdı ayağa, yükə tərəf yönəldi və əlini mütəkkəyə atanda, yadına düşdü ki axır Dürnisə burada olsa idi heç mən bu zəhmətə düşməzdim. Əlac yox idi: biçara yorğan döşəyi yükdən endirib, ah və zar ilə özünə yatacaq düzəltdi və soyunub, yorğanı başına çəkdi. Payızın quru soyuğu başlanmışdı. Kərbəlayı Eyvaz nə qədər yorğana büründüsə, soyuq aman vermədi; durub paltarlarını da üstünə çəkdi, qızışmadı. Dedi: – Atam sənə qurban, ay Dürnisə! Sənsiz yorğan döşək nə soyuq olurmuş! Kərbəlayını fikir götürdü. Başını sandığa söykəyib, sübhə kibi mürgü döydü. * * * Axşam Kərbəlayı Eyvaz evə qayıtdıqda gördü yel xəzəli aparıb tamam qapıya və pəncərəyə doldurub, zibil hər yeri ağzına alıb. Qapını açıb, otağa girdikdə dünəndən yem verilməmiş pişik mıyıldaya-mıyıldaya kişinin qabağına yüyürdü. Yatacaq yığılmamış dururdu; otaq da soyuq və zibilli idi. Kərbəlayının ovqatı lap təlx oldu. Arvadın qədrini imdi imdi bilməyə başladı. Qəmli gözlərini evə dolandırdı; fikir elədi: «Yazıq Dürnisə, elə ha işlədin, heç bir atana quran oxutmadım. Dedin: «A kişi sən allah mənə bir «alışdım-yandım» çəpkən al, tay-tuşdan geri qalmışam» qulaq asmadım. İmdi yerin görünür. Həmişə axşam gəlib, evi süpürülmüş, ocağı qalanmış, çayı və pişmişi hazır görərdim. İmdi heç zad yoxdur!....» Kərbəlayı Eyvazı yaş boğdu. Başını pəncərəyə söykədi və fikirə getdikdə, ac pişik yenə mıyıldayıb, kişinin qılçasına sürtüşməyə başladı. Pişiyin səsində o qədər sızıltı var idi ki, elə bil Kərbəlayını məzəmmət edib, deyirdi: «Heç utanırsanmı? Mənim neçə illik ev sahibimi boşadın, imdi - mən onsuz aclıq əziyyətinə davam edirəm». Bundan daha da tə’sirlənib kişi hökürüb ağladı. * * * «Mən Dürnisəsiz evə qayıtmıyacağam!» bu sözlər ilə Kərbəlayı Eyvaz evdən çıxıb, getdi. Fikrində bu idi ki, getsin Dürnisəni çəpərə çağırıb, desin: balam bir iş idi oldu-yanı, imdi ikinci dəfə kəbin kəsilsə nə eyb edər? - Belə də elədi. Getdi. Xaraba karvansaranın böyründən ötdü. İki damxa keçib, üçüncüsünə yavıqlaşdı. Arvadı olan çəpərə çatdıqda, Kərbəlayı gördüyü, bu dutası iş deyil. Əvvəl Kərbəlayının üzündən gəlməzdi ki arvadı çəpərə çağırsın; ikinci gendən baxan da pis anlardı. Kişi mə’yus geri qayıtdı. Kərbəlayı Eyvazın dünyada bircə dostu var idi; adına Havva qarı deyirdilər. Nə qədər dərdi olsa idi, ona söylərdi. Qarı Kərbəlayını özünə oğul hesab edib, ona artıq can yandırardı; azarlıyanda üzərrik tüstüsünə verərdi; ildə neçə dəfə arxasına həcəmət qoyardı. Kərbəlayı baxdı, gördü bu dərdinin də əlacı Havva qarıdadır. Buna görə gedib, qarının qapısını dəydi: – Nənəm evdədirmi? İçəridən səs gəldi: – Evdədir qadan canıma! Kərbəlayı Eyvaz içəri girdi. Qaranlıq bir otaqda üzü qırışmış bir qarı oturub, pilə əyirirdi. Qarı Kərbəlayını qucaqlayıb, alnından öpdü. Kərbəlayı bir dəsmal əzgil gətirmişdi, bunu arvadın qabağına qoyub, dinməz başını aşağı saldı. Sadəlövh qarı, gözləri yaşarmış: – Kərbəlayı, qadan alım, bu nə idi başına gəldi? Kərbəlayı dinmədi. Qarı sözündə davam edirdi: – Dürnisənin səndə haqqı çoxdur, allah şeytana lə’nət eləsin! Kərbəlayı doluxsundu: – Bilirəm, nənə! çox-çox idi!... Bir iş idi düşdüm. Qarı çeşməyin üstündən Kərbəlayıya baxa-baxa: – Elə Dürnisə də peşman olub, evinin korluğunu eliyir. Yazıq neyniyəklə o evi tikib; axır sən evlənəndə bir zadın yox idi! Kərbəlayı tab gətirə bilmiyib, daha da köyrəldi; və əlinin dalı ilə gözündən iki-üç isti damcı alıb, döşəyə saldı. Qarı Kərbəlayının halından xəbərdar olub, dedi: – Mən Dürnisəni də çağıraram, sonra kəbin kəsilər. Başınızı salın damınızın altında kasıbkarlığınıza qurşanın! Kərbəlayı Eyvaz təşəkkür izhar edən gözlərilə qarıya baxıb, utana-utana: – Allah səndən razı olsun, nənə!-dedi və yenə ağlamsandı. * * * Kəbin kəsilib, qurtarmışdı. Axşam Kərbəlayı Eyvaz oturub, arvadını gözlüyürdü. Kişi çay qoyub, ocağı kökləmişdi. Bozbaş da piti də qaynamaqda idi. Ev tər-təmiz idi, hər şey yerində idi. Hamısını da Kərbəlayı özü qaydaya salmışdı ki arvad gəlib hazır görsün bir də qapı açıldı, əvvəl əyilə-əyilə qarı girdi, daldan da Dürnisə. Kərbəlayı dik ayağa qalxdı. Arvadı gördükdə əvvəl dondu və sonra bir od cəmi vücuduna yayıldı; Kərbəlayı gördü ki üzü və qulaqları istidən yanır. Dürnisə də bədənində bir istilik hiss etdi; bu da yerində mat qalıb, gözlərini yerə tikdi. Bir neçə dəqiqə ər və arvad bu halda qalıb, bilmədilər nə etsinlər və bir birinə nə desinlər. Qarı bunları bu gülünc vəziyyətdən qurtardı. Cehiz olan buxçanı Dürnisənin qoltuğundan alıb, qoydu taxçaya, çarşafını açdı, şəlitə atdı və ikisini də oturdub, dedi: – Lə’nət şeytana deyin, həmişəki kibi dolanın! Daha siz balaca deyilsiniz ki, sizə nəsihət eliyim. Sizin ikinizin də heç kəsi yoxdur; bir birinizdən muğayat olun!... Ər, arvad başlarını aşağa salmışdılar. Qarı bir də: – Qadan alım, Dürnisə, çay tək içək! Arvad ürkə-ürkə samavara tərəf yönəldi. İstikanlara çay tökdü və yavaşca götürüb, süfrənin ortasına düzdü. Havva qarı çayı Kərbəlayının qabağına qoydu. Kərbəlayı qənd istədi. Dürnisə qəndanı götürüb, uzatdı. Amma kişinin üzünə baxmadı. Kərbəlayı da üzünü bir tərəfə dutub, qəndi aldı. İkinci istikanda Dürnisə bir az açılışdı-çayı düz Kərbəlayının əlinə verdi. Kərbəlayı cürətli: – Arvad, allah atana behişt versin, bir iki yumru qənd ver-dedi. İkisi də yavaş-yavaş lap açılışdılar. Beləcə ər, arvad barışdı. Əvvəl axşamdan Kərbəlayı rahatlığa çıxdı; gəlib evi təmiz və isti görürdü; gecə soyuq artıq kar eləmirdi. Pişiyin də zarıldayan səsindən onun ovqatı təlx olmurdu. Aradan bir neçə vaxt keçdi. Çoğunlu qış idi. Tərəkəmə şəhərdən çəkilib, getmişdi; bazar bərk kəsadlıq idi. Axşam Kərbəlayı Eyvaz qaş qabaqlı evə gəldi. Həmişə qapıdan otağa girəndə salam verirdi, bu səfər dinməz gəlib, ocağın qırağında oturdu. Kişi fikrə batmışdı. Fikri də bu idi ki, istiyirdi dükəni yığsın və ayaq üstə dəllallıq eləsin. Bir də yadına düşdü ki, mayası yoxdur; nə ilə alış veriş edəcək. Kişinin fikri bu idi ki, evdən bir neçə şey satıb, işə girişsin. Yoxsa dükən gündəlik yemək pulunu çıxarmırdı. Kərbəlayı layihələrilə məşğul, ocağın kənarında sükuta getmişdi. Nə yemək nə içmək heç biri bunun yadına düşmürdü. Arvad da sakit oturub, fikirdə idi. Bu da fikir eliyirdi ki, nə olardı, allahın altında bir «alışdım yandım» çəpkənim ola idi, geyinib hamama gedə idim; toya gedə idim. Bilə idilər ki mən də arvadam, mənim də səliqəli paltarım var. Dürnisənin də əri kibi yadına nə yemək düşürdü, nə içmək. Adətən kişi fikirlərini arvada demirdi; arvad isə saxlaya bilmirdi. Bu səfər də Dürnisə bir az fikirləşib, birdən gülümsündü və əlini ehmalca kişinin dizi üstə qoyub, dedi: – Kərbəlayı, sən allah niyə bir çəpkən almırsan! Kişi fikirdən aralanıb, arvadının üzünə dik baxdı. Rəngi qaçdı, və alt dodağı başladı titrəməyə. Bir az başını tərpədib çığırdı: – İnsafsız qızı, insafsız! Başımdan rədd olmuyacaqsan! Kərbəlayı arvada deyəcək idi: «Keçi can qeydindədir, qəssab da piy axtarır- mən bir çörək pulundan ötrü az qalıram, baş götürüb şəhərdən qaçam; sən də çəpkən hayına düşürsən...» Amma kişi hirsindən arvada artıq söz demədi və dodaqları titrəyə-titrəyə qalxıb, taxçadan Dürnisənin boğçasını götürüb atdı yerə; dedi: – Dur gedək qazının yanına! Dürnisə gözləmirdi ki «çəpkən məsələsi» kişiyə belə ağır gəlsin. Ona görə sözlərinə artıq peşman oldu və istədi kişiyə desin: «Balam, lə’nət şeytana de!» qorxdu. Çünki Kərbəlayının ovqatı bərk təlx idi. Qazını yuxudan oyatdılar; söylənə-söylənə talaq verdi. * * * Kərbəlayıya Dürnisənin getməyi yenə başladı əsər eləməyə. Yenə qapı bacanı toz basdı. Ev tər-tökülüntü qaldı. Gecələr də sabaha kibi kişi soyuqdan yata bilmədi. Kərbəlayı bir həftə dözdü, iki həftə dözdü. Axırda lap cana doyub, yenə Havva qarını minnətçi saldı ki, Dürnisə gəlsin: Dürnisə yenə gəldi. Bu səfər ikisi də özlərinə söz verdilər ki daha lap yaxşı dolansınlar; çünki acı təcrübə göstərdi ki, Kərbəlayı Dürnisəsiz, Dürnisə də Kərbəlayısız ömr edə bilmirdi. Kərbəlayı deyirdi: – Arvad, bizim övladımız yoxdur, qəlbimiz sınıqdır. Onun üçün də allah bizə bir istək verib ki, bir birimizdən uzaqlaşanda ayrılığa tab gətirə bilmirik! Arvad tabe’ bir halda başını aşağı salıb, doluxsundu. Kişi sözündə davam edirdi: – Nə sənin, nə mənim bir kimsəmiz yoxdur. Sən çalışırsan mənim üçün, mən də pul qazanıram sənin üçün, vallah atamın goru haqqı, mənim varım olsa, səni başdan ayağa qızılla dutduraram. Nə edim ki dağılmış zamanada bir çörək pulu qazanınca daş daşdan aralanır. Mən yenə nə təhər olsa sənə könlün istəyən kibi bir çəpkən alacağam!... * * * Ər, arvad rahat dolanırdılar. Kişi gəlib həmişə hər şeyi hazır görürdü. Acığı da dutmurdu. Qədimki kibi qapıdan girəndə salam verirdi; arvad ilə hərdən dərdləşirdi də.... çox vaxt pul artıranda, görürdün, arvada qoz halvası da alıb, gətirirdi. Xırda-xırda doğrardı, öz əlilə aparıb, arvadın ağzına qoyardı, və deyərdi: – Atam sənə qurban, arvad, ye səndən savayı, mənim heç kəsim yoxdur! Arvad çox xoşhal olardı. Bu minval ilə iki, üç ay dolandılar. Bir gün nə təhər oldusa zəhirmar çəpkən yenə gəldi düşdü arvadın yadına. Özü də oruclıqda, kişinin ovqatının lap təlx vaxtı. İftardan sonra kişiyə qalyan dəyib, başı fırlanırdı. Arvad yavaşca gəlib, yanında oturdu və ehmalca əlini onun dizinin üstə qoyub, dedi: – Elə deyəsən «alışdım yandım» çəpkən deyə-deyə qəbrə gedəcəyəm! Bu sözlər kifayət elədi. Kişi dəli kibi qalyanı götürüb çırpdı arvadın başına. Qab, qaşıq bir birinə qarışdı; pişmişlər dağıldı... Bir saat çəkmədi, yenə qazı söylənə-söylənə nikahı fəsx elədi. * * * Kərbəlayı Eyvaz bu səfər ev-eşiyin tərkini qıldı. Dükəni yığışdırdı və bir eşək alıb, getdi kəndə çərçilik eləməyə. Yenə Dürnisəni boşadığına peşman olmuşdu, amma bir də geri qaytarmağa cürət etmirdi. Bu dərddən şəhərə gəlmirdi ki yenə Dürnisə yadına düşər. Kənddə pis keçmirdi: bazarı ravac idi; dolanışığını da yüngülcə yola verirdi. Bir il keçdi. Kərbəlayı baxdı, gördü əlli manat da pul artırıb; bir belə pulu Kərbəlayı Eyvaz cəmi ömründə görməmişdi. Kişini fikir götürdü. Papağını qabağına qoyub, özü özü ilə fəlsəfanə bir tərzdə başladı danışmağa: – Yaxşı, zəhmət çəkib, pul qazandım. Allah bərəkət versin! Ancaq mən ahmağa deyən gərək ki, sabahları başımı yerə qoyanda bu pullar kimə qalacaq! Yəqin bir lotunun birisi yeyib, goruma da söyəcək!... Bundan irəli arvadım var idi, evim var idi. İmdi nəyim var! Sonsuz bir adamam. Çox da oldu min manat pulum, nəyə lazımdır-içinə zəhirmar qarışsın!.. Kərbəlayı Eyvaz gözlərini yaş ilə doldurub, səmimi bir istək ilə Dürnisəni yadına saldı. Fikir elədi gördü ki Dürnisəsiz ömrün nə ləzzəti, nə dadı, nə məqsədi görünmürdü. – Yox, mənə pul lazım deyil-deyirdi: mənə sən lazımsan, arvad, ki öləndə də üzümü qibləyə çəyürəsən! Yoxsa, bu qürbətdə ölsəm məni basdıran da olmuyacaq!... * * * Kərbəlayı şəhərə gələn kibi getdi Havva qarının yanına. Qarıya əhdi-peyman edəcək idi, ki daha bu səfər Dürnisəni gətirib, «pir» deyib yapışacaq. Fikri də bu idi, ki arvad gələn günü, pullardan ona «alışdım yandımdan» bir çəpkən; xaradan da bir tuman alsın. Kərbəlayı Eyvaz qapını açıb, qarı ilə görüşdü. Qarı həmişəkinə görə gözə kefsiz dəyirdi. Kərbəlayı sual cavabdan sonra Dürnisədən söz saldı: – Ay, nənə!-dedi: aranı da gəzirsən, dağı da gəzirsən; yenə evsiz eşiksiz ağzıyın dadı olmur. Ev, eşik adamın abır və həyasıdır; rahatlığıdır!.. Kaş yenə əvvəlki vaxtlar ola idi... Dürnisəsiz dolana bilmirəm! Qarı «Ah» çəkdi. Kərbəlayı yenə: – Allahdan diləyim odur ki, mənim bir günüm Dürnisəsiz olmasın!.. Nənə, dutduğum işə elə peşman olmuşam!... Qarı köksünü ötürüb, dedi: – Adam bir dəfə peşman olar, iki dəfə olar... qadan alım, sonku peşmanlıq fayda verməz!... Allaha qurban olum, məsləhət özünündür! Kərbəlayı Eyvaz qarının sözündən və qaş gözündən bir yas, bir matəm xəbəri olmağını duyub hövlnak: – Nənə, yoxsa Dürnisənin başına bir iş gəlib? Qarı başını aşağı salıb, yavaş səslə: – Nə eləməli? Məsləhət allahındır! Elə bil soyuq bir xəncər ilə Kərbəlayının ürəyini deşdilər, soyumuş qan axıb cəmi bədəninə yayıldı. Otaq başına dolanmağa başladı. Çıxdı, küçəyə-burada da haman mənzərə: ətrafdakı evlər tamamən Kərbəlayının başına fırlanırdılar. Getdi. Qabağına çıxan küçələrdən keçdi, şəhərdən çıxıb uzaqlaşdı. Qayalardan endi. Tozlu, torpaqlı, cığır ilə addım ata-ata baş alıb, getdi. Qulaqları eşitməkdən, gözləri görməkdən quya əl çəkmişdilər; eşitməz, görməz bir halətdə gedirdi. Yolun yan yörəsində ki uçuq qəbirlərə diqqət etmiyərək, ötdü. Cəmi qəbirstanı fırlandı, dolandı. Təzə bir qəbrə yavıqlaşıb, yıxıldı. Kərbəlayı Eyvaz başını qəbrə söykəyib, səssiz peşman, qəm aludəsi ağladı. * * * Qəbirstan kənarında, otlu təpədə təkcə bir qəbir var. Bahar olanda bu qəbrin ətrafında əlvan çiçəklər açıb, dilnəvaz qoxuları ilə adama ləzzət verirlər. Qoca, beli bükülmüş bir kişi, hər cümə axşamı gəlir bu qəbrin yanına. Uçub dağılmış yerlərini düzəldir, ətrafında bitən tikanları, alaqları qoparıb atar. Və sonra baş daşına söykənib, sakit, samit ağlar, ağlar, ağlar yorulduqda, yaşlı gözlərini göyə tikib, istiğasə elər: – Pərvərdigara! Məni həsrətdə qoyma! Bir sən birliyin hörmətinə məni Dürnisəyə yetir! Qoca kişi tələbə çağırar, quran oxudar və fatihə verib, gözləri yaşlı geri qayıdar. Qoca şəhərə gəlincə, öz özünə fikir elər: – Yazıq Dürnisə! Allah sənə rəhmət eləsin, qədirini bilmədim. Çəpkən deyə-deyə getdin, ala bilmədim... Nisgilin ürəyimi dağlayır!... * * * Zeynal-bəy Pristavun müavini Zeynal-bəy, sabah ertə dəftərxanaya gələndə, orada ayrı halət gördü; qaradavoylar süpür ha süpür salmışlar; pristav da dəli kibi otaqda oyan bu yana qaçır, qaradavoyların üstünə çığırırdı: – Müftəcə məvacib alıb, il uzunu bircə qəpiklikə də iş görmək istəmirsiniz: elə onu bilirsiniz ki, dəftərxanaya girəndən rüşvət alırsınız. Budur qubernator üç günə kibi gəlir; hamınızı, it kibi qulluqdan qoğacaq. Zeynal-bəy qubernatorun gəlməyini eşidəndə, qorxusundan qılçaları nağara ağacı kibi tərpənməyə başladı. «Pristov qaradavoyları mı qorxudur, yoxsa elə gerçəkdən qubernator gəlir?» – sözlərini başından keçirdisə də, həllinə aciz qaldı. – Nikalay Semyonoviç, doğrudan qubernator gəlir? Zeynal-bəy yüngül bir təbəssüm və cəsarətsiz bir səslə sual etdikdə pristav acıqlı: – Necə yə’ni «doğrudan»? Bəs siz ilə mənim zarafatım var?... Özü də cəmi mə’murları qulluqdan qoğacaq!... Pristav sözünü kəsdi və qaradavoyların birinin böyrünə bir durtma salıb çığırırdı: – Əşşək, hələ qulaq asır, tez olun barı, dəftərxananı süpürüb təmizliyin, gərək işimiz nə təhər olur! Qaradavoylar süpürgələri götürüb, cəld süpürməyə girişdilər. Bə’zisi kəhnə dəftərləri töküb çırpırdı; kimi mürəkkəb qablarındakı milçək ölülərini atıb, yerinə mürəkkəb tökürdü. Tozdan göz gözü görmürdü. – Zeynal-bəy, durmaqdan fayda yoxdur! Barı, get bazarı və küçələri süpürt. Bu sözlər elə bil Zeynal-bəyi dərin bir yuxudan ayıltdı; rəngi qaçmış üzünü fövrən pristova çöndərib təəccüblü: – Bə deyirsiniz qubernator üç günə kibi gəlir, bir az vaxtda bazar küçəni təmizlətmək olarmı? – Orada yüz araba zibil var. «Qubernator» sözü yenə Zeynal-bəyi qorxuya saldı, və şiddətli bir titrək bütün vücuduna yayıldı. Pristav bir də: – De nə edək? Barı, dəftərxanaya gələn küçəni süpürt ki, qubernator görüb acığı tutmasın. Zeynal-bəy pristavun sözünü yarımçıq qoyub, ağır fikir və xəyal içində dəftərxanadan çıxdı. Dəftərxanaya gələn küçənin uçub, dağılmış sərbəndi əvvəl onun gözünə sataşdı. Bunun sağ tərəfini tutan şəhər bağı idi; bundan da o tərəfə bir neçə hisli ev nəzəri cəlb edirdi. Zeynal-bəy dərin bir sükutda bağın sökük cağlarının dibi ilə salıb yavaş-yavaş getməyə başladı, və bir az getməmişdi ki, bir qaradavoy yatmış gördü. Qaradavoy qız günəşinin isticə şuai altında laqeydanə xorulduyurdu. Və hər xorulladıqca da belindəki sınıq qından çıxmış xəncərin paslı ucu, rəngi soluq çuxanın altından mürur ilə enib qalxırdı. Zeynal-bəy acığından bığını gəmirə-gəmirə yetirib, qaradavoyu təpiklədi: – Köpək uşağını qoyasan elə yata. Gecələr şəhər bağının cağını çəkib, yandıranda heç fikir eləmirdilər ki, dünyada qubernator da var! Qaradavoy yuxudan dik atılıb, gözlərini Zeynal-bəyə tikdi və əlini gicgahındakı güdək və hənəli birçəyi üstə qoyub, tə’zim etdi: – Başına dönüm, bəy, nə qulluğun var? – Nə olacaq, canınıza dərd var! Bu bağın cağını niyə söküb, yandırmısınız? – Vallah, bəy, gecələr çox soyuq olur, – «Soyuq olur»; soyuq gözünüzə girsin!... Tez ol, yeri ürədnik Qulunu tap, deyinən qubernator gəlir; küçələri süpürtsün. Qaradavoy börkünü başına basıb, qordası qılçına dolaşa-dolaşa yüyürüb getdi; Zeynal-bəy də bazarniyin çığırmasını eşidib, rasta bazara döndü. Bazarnik Alı-bəy hammalları yoğun əsası ilə şapbarlıyırdı. Zeynal-bəy yetirdi: – Yenə nədir, ay Alı dadaş? – Ədə, bu köpək uşağı hammalları görmürsən bazarı süpürməyə də pul istiyirlər. Köpək uşağının sən əl, hamısını yataba qoşub, İrana qaytarıb, atasına od vurmalıdır!... Zeynal-bəy əlini onun savatlı toqqasına salıb, ehmal səs ilə dedi: – Alı dadaş, hələ də görüm bu qubernatorun gəlməyinə nə deyirsən? – Nə deyəcəyəm, Zeynal, evimiz yıxılıb! Kaş bu səfər gəlməyi yalan ola, adam işləri düzəldə... ədə, sən əl, necə ildir qulluq eliyirəm, elə bil bu gün gözüm açılıb, bu köpək uşağı baqqallar tabaqları irəli düzə düzə az qalıblar meydanı tutsunlar; özlərinin də satdıqları tamam kəhnə şey: meyvə, göyərti, yağ və yavanlıq... – Alı dadaş, onlar dursun kənarda, bəs biz qovulsaq nə qayıracağıq? Hamı «özünü tutub» bizdən savayı. – Hə, balam, odur ürədnik Qulu qulluğa girəndən bəri böyük imarət tikdirib; bankda da, deyirlər on min manat pulu var. Köpək oğlunun əvvəl heç zadı yox idi. – Pristavun da kefi kökdür, o da özünü qaçaqçılardan yaxşı tutub. – Ədə ağıllı adam elə olar da! Deyir rüşvət alma; elə ki aldın beş manat, on manat ya bir kəllə qənd yıxılma. Alırsan yüz al, min al! O dur ki hacı Qasım hər bazardan şəhər yerini qəsb eliyib, xəlvət dükan tikdirəndə, pristova paketdə iki yüzlük gedir. Ay, Zeynal, hacı Qasım azından ildə xəlvət beş dükan tikdirirmi? – Bəs nədir, a kişi! – Di min manat pristovun nəyinə dəyməz! Zeynal-bəy burada dərin bir «ah» çəkib, dedi: – A kişi elə aralıqda qalan biz fəqir olduq! – Zeynal, yenə sənin də işin yaxşıdır; pristavun səbəbinə axır sənə də az çatmır. – A kişi haradan, yüzlüklər pristova gedəndə, mənə də bir kəllə qənd gəlirdi; müsəlmanı tanımırsan: öz müsəlmanına xeyir verməz! Alı-bəy əsasını sol əlinə alıb, sağ əlini Zeynal-bəyin çiyninə qoyub tə’kid ilə: – Sən yenə qənd alırdın, mən heç onu da ala bilmirəm. Hərdən bir qəssab dükanının dalında azarlı qoyun kəsiləndə «başını tuturam». Onda evə ət göndərirlər; tutmuyan da o da heç gəlmir. Köpək uşağı azarlı qoyunu da elə kəsirlər ki heç ayda bir də başını tuta bilmirsən!!!.. – Xülasə, Alı dadaş, bunlar qurtarandan sonra bircə əlacımız var: gərək qubernatorun gözünə görükmiyək. Belə olsa bir təhər ötüşərik... Mən ki belə eləyəcəyəm; nə görsün ki, nə də qulluqdan qoğsun! Alı-bəy cavabında gərnəşib dedi: – Hələ bilmirəm heç mən nə qayıracağam. Sabahdan köpək uşağı hammallar ilə deyişməkdən yorulub ölürəm. Saqqala da çoxdan hənə qoymamışam; gedirəm hamamda hənə bağlıyıb yatam. Görüm sonra nə olacaq. * * * Zeynal-bəy bir neçə saat bazarı dolandıqdan sonra ürədnik Quluya rast gəldi. Ürədnik Qulu uca boy, nazik qara bəniz bir adam idi; həftənin üç gününü qulluq edəndə, dördünü təğyir libas edib, eyşi-işrətdə keçirərdi. Zeynal-bəy Qulunu görcək, sərzənişli: – Ay Qulu, balam, belə olmaz; hardasan? Bəs bu qırılmış qaradavoylar necə olub ki, biri tapılmır işə göndərim? Ürədnik Qulu süst üzünü bir az yaxşıladıb, qızarmış kəsalətli gözlərini Zeynal-bəyə döndərdi: – Qaradavoyların beşi pristovun evində qulluq edir: su daşıyan, pişmiş pişirən, bazara gedən... üç dördü də dünən ürədnik Həsən gildə idi. Olsun ki imdi yatıblar. – Səndəmi orada idin? – A kişi qoyurlar ki, güc ilə tutub aparırlar ki, gedək qumar oynuyaq. Vallah üç dörd gündür ki yuxusuzam; başım lap çatlıyır! Zeynal-bəy üzünü Quludan döndərib, kədər ilə: – Pəh! Əlinizdən gələn işi törədib, heç bir demirsiniz ki dünyada qubernat da var. Yığılırsınız gecədə ürədnik Həsənin evinə qumarı vurursunuz; uduzanda da durub, düşürsünüz qapı qonşunun evinin canına. Xalqın qab-qacağını oğurluyursunuz; çal-çəpərini söküb, yandırırsınız; bilməzsən nəyliyirsiniz. İmdi nə deyək qubernata? Deyək ürədnik Həsən evində qumarxana açıb? Zeynal-bəy hirsindən köpüklənmiş ağzını silib, Quludan ayrılıb getdi. Və neçə addımlıq məsafədə bir də dayanıb çığırdı: – Kasıb-kusublar gündə şikayətə gəlirlər ki, qaradavoylar qalıq pulunuz var deyib, qablarımızı, paltar və palasımızı çəkib aparırlar; pişmiş bişirməyə, üstə oturub, durmağa da bir şey tapmırıq. Köpək uşağı! Qalıq pulu bir dəfə olar, iki dəfə olar; daha gündə qalıq pulu yığılmaz! Belə şeyin başı bir gün açılar adamın anasını ağladarlar... Zeynal-bəy qaradavoyların qarasına söyləndikcə odlanıb növbənöv fəhşlər verməyə başladı, və nə dərəcə hirslənmiş idisə, türkün saysız hesabsız söyüşlərilə qənaət etmiyib rusca da «isvoluçlar, duraklar, negodyaylar» deyə fəhş verib salıb getdi. * * * Qubernator şəhərə varid olmuşdu. Polis mə’murları şəhərin zahir görnüşünü bir təhər qaydaya salmağa var qüvvələrini sərf etmişdilər və imdi də şəhərin hal və ovzaini qubernatora rövnəqli surətdə göstərməyi hər kəs özünə müqəddəs bir vəzifə bilirdi. Onun üçün də qaradavoydan tutmuş Qala bəyinədək rəsmi libaslar ilə bəzənib, müəyyən mövqe’lərini məşğul etmişdilər. Bir xilaf qanun iş, şəhər asayişinə zidd hadisə və məxluqun təəyyüzünə müzürr hərəkətlər onların nəzərindən əblə ötüşmürdü. Xülasə, ədalət hökmranlığında qurtlar quzu ilə otlayıb, ümumi xoşbəxtlik, ümumi kamyablıq bərpa idi. Əlbəttə bu xoşbəxtliyin günəşi polis mə’murlarından ötri doğmamışdı; bunlar məramına nail olmamışdılar: bunların təntənəli zahirləri altında pis bir hal, keçmişdəki dəbdəbəli günlərin arzısı, eyşi-işrət mənbəin yas və məlalə dönməsi gizlənib, ürəklərini parçalıyırdı. Qubernatorun kəhnə mə’murları əzl etmək qəsdilə şəhərə gəlməsi hər kəsə gün kibi aşkar olmuşdu. Bircə Zeynal-bəy toxtaq durub, əvvəlki layihəsində sabit idi: – Mən qubernatorun gözünə görükmərəm; harada görərəm qaçıb gizlənərəm. Daha məni görmiyə-görmiyə necə qulluqdan qova bilər. Yəqin, heç yadına düşməyəcəyəm! Bu sözləri Zeynal fikrindən keçirib, həmişə təsəlli tapırdı və sözündə sabit duran kibi fe’lini də ona mütabiq edirdi. Qubernator divanxanalara səfər tutduqda, polis mə’murları təmkin-viqar ilə onun dalınca düşüb, gedirdilər, və onun sualına fövrən və xoş ləhn ilə cavab vermək və ya hər əmrinə tabe’ olub, can və baş ilə əmələ gətirmək; hətta simalarından da müxlisanə təbəssümlər oynatmaq ilə qubernatorun hüsni-təvəccöhünü qazanmaq istiyirdilər. Zeynal-bəy bu hərəkətlərdən uzaq idi. Həmişə sakit və samit lap dal tərəfdən durub varlığını belə büruzə vermək istəmirdi. Yerişində ehmal, tərpənişində ehmal; nəfəs almağa da qənaət edirdi. Hərdən qubernator dönüb, Qala bəyindən və ya qeyri polis mə’murlarından bir şey sual etdikdə, Zeynal-bəy onun zəhimli nəzərinə qarşı gəlməmək fikrilə başını yavaşca əyib, pristavun arxasında gizliyirdi. Belə də olurdu ki dilənçi və ya hammallara bir əmr vermək bahanası ilə mə’murlardan aralanıb, ayaq saxlıyırdı, və sonra yüz addımlıq bir məsafədən qubernatoru tə’qib etməyə başlardı. Kim bilir, qubernatorun hər səsi çıxdıqca Zeynal-bəyin ürəyinə nə qorxular çəkirdi, bədəninə necə titrəmə düşürdü? Biçara cürbəcür əzablara giriftar olub, sifətində dəqiqədə min rəng müşahidə olunurdu. Bircə uzaqdan qubernatoru tə’qib etmək bu əzabı yüngülləşdirirdi. Elə bil, Zeynal-bəyin ürəyini bir ağır sıxıntıdan kənar edirdi; asudə nəfəs alıb, qol və qılçalarını titrəkdən xilas edirdi. Bir gün sabah ertə Zeynal-bəy dəftərxanaya daxil olduqda, qonşu otaqdan qubernatorun qəzəbli səsini eşitdi. Səs əvvəl onun qulaqlarında əcib bir hal ilə cingildiyib, cəmi bədəninə sirayət etdi; pis bir tə’sir vücuda gəldi: Zeynal-bəy bihiss durub, ağzı açıq qaldı: qabağa getməyə cürət etmirdi, geri qayıtmağa da titrəyən qılçalarında taqət yox idi. Qubernatorun səsi getdikcə yavıqlaşıb və onun qaranlıq koridordan qapıya qarşı gəlməyi aşkar olurdu. Zeynal-bəy bunu hiss etdikdə çar-naçar sıçrayıb, qapının dalında gizləndi və bunu bir elə qüvveyi-naqahan ilə əmələ gətirdi ki, küncə söykəli iri süpürgə döşəmənin üstə düşüb, qapıya tərəf gələn qubernatoru təşvişə saldı. Qubernator əvvəl bir az duruxub, sonra əlindəki qamçı ilə qapının dalını qurtaladıqda Zeynal-bəy ortalığa sıçradı, və arıq əlini gicgahına qoyub, tə’zim etdi. Qubernator təəccüblü baxıb, açıqlandı və zəhimli səsilə çığırdı: – Von!!!... Neçə dəqiqə idi ki, qubernator arxasındakı polis mə’murları ilə dəftərxanadan uzaqlaşmışdı. Lakin Zeynal-bəy əli gicgahında əvvəlki yerində sabit qalıb, dili tutulmuş söylüyürdü. Ba-ba-ba... Balll... bal... balalarım... var... ac, ac qalarlar!... * * * Ağ saqqal Gülsüm qarı yuxudan gülə-gülə ayılıb, yatacağının üstə oturdu. Günəş çıxıb, pəncərədən otağa düşmüşdü. Gülsüm qarı günəşə baxıb, öz özünə dedi: Günü çıxardan allaha qurban olum. O allah mənim allahımdır; gör yuxumu necə çin edəcək. Elə bu gün Alıpaşa ağanın qızına elçi gedəcəyəm. Qarı bir az fikirə gedib, gülümsündü: – Fərəcimin puldan pulu, boydan boyu, əsnaf olanda nə eyb elər... Fərəcə də qurban olum, bəyzadə nişanlısına da. Qarı çoxdan oğlunu evləndirmək fikrində idi, amma bilmirdi kimi alsın. Əsnaf qızı ilə arası yox idi, bəy qızı da almağa cəsarət eləmirdi. Çünki bəylər qızlarını əsnafa verməzdilər; kasıb da olsa idi özləri kibi «nəcib» və əsil-kök bəylərə verərdilər. Biçara Gülsüm qarıda bu əsil-kök harada idi: Əri sövdəgər hacı, oğlu da tacir; sabah dəftər qoltuqlarında bazara gedib, axşam qayıdardılar. Daha bunlarda bəylərə layıq şücaət, təmkin və viqar tapılmazdı. Barı, bir qırğı isə də hərdən qollarına alıb, gəzdirməzdilər ki, bəyə oxşasınlar. Bu «kəsafət mə’də» ilə də Gülsüm qarı atıla-atıla gedir ki, oğluma gərək bəy qızı alam! Yenə bu yuxu əhvalatı olmasa idi, qarı bəlkə fikrindən daşına idi; Bu yuxu da belə aşkar idi ki, xeyir işdən boyun qaçırmaq olmazdı. Gülsüm qarı yuxuda görmüşdü ki, samanlıqda at arpa çuvalını iyliyib, şıllağa qalxdı və ayağı mehtərin aftabasına dəyib, töküldü. Qarı qorxusundan sıçrayıb, yuxudan ayıldı; və gördükləri yuxu olduğunu duyduqda, gülə-gülə yormağa başladı: – «Atcıgaz» muraddır. Bunca bilirəm – dedi: «aftaba» da ki, paklıqdır. «Su da» aydınlıqdır. O ki qaldı «şıllaq»?... Qarı bir az fikirə getdi. Başladı qoltuğunun altını qazımağa. Ondan burnunu qurtaladı və sonra birdən qəhqəhə çəkib, gülməyə başladı. «Şıllaq» nə olacaq ki, – dedi: o da toydur, şadyanalıqdır... * * * Alıpaşa ağa pəncərədə oturub, xanım ilə qəlyan çəkməyə məşğul idi. Qulluqçu Gülsüm qarının gəlməyini xəbər verdi. Xanım zəhimli üzünü qulluqçuya döndərib, lap yoğun kişi səsi ilə dedi: – Çağır gəlsin içəri. Gülsüm qarı daxil olub, oturdu. Xanım yavaş səslə: – Xeyirdirmi, a Gülsüm qarı? – Xeyir olmamış nə var, xanım sənə canım qurban, gəldim görüm bəylər nə təhər dolanırlar; biz də bəy olmaq istiyirik. Qarı sözlərini qurtarmamış, qəhqəhə çəkib, güldü. Xanım da gülümsündü. Alıpaşa ağanın da üzünün qırışları bir balaca açıldı. Bir az sükut bərpa oldu. Gülsüm qarı gözlərini otağa gəzdirib, təbəssümanə: – Bizim Fərəc də sizinki kibi otaqları rənglədib, kişi öhdəsindən gələ bilmir; neçə min manat evə xərc çəkib. Qarının sözlərinə bəy və xanım əsla e’tina etmədilər. Bir az da sakitlik düşdü. Gülsüm qarı cürətli: – Xanım, başına dönüm, bax puldan çox pulumuz, maldan çox malımız; yaxşı evimiz... Fərəc də başı aşağı bir uşaqdır, elə öz uşağınızdır. Vallah sizə də layıqdır: gözəl göycəy... yəni qızınızın biri də bizə düşməz? Gülsüm qarı sözü qurtarmamış, yenə gülməyə başladı. Bu səfər xanım qarının cavabında üzünü turşudub, ərinin üzünə baxdı. Əri də siması şiddətli bir halda arvadına baxıb, sonra Gülsüm qarını başdan ayağa acı bir nəzərdən keçirtdi. Alıpaşa ağa hirsindən istədi qəlyanı götürüb, qarının başına çırpsın; çünki adamdan xatirə görünməmişdi ki bəy qızı əsnafa verilsin. Bir də xan lə’nət şeytana deyib, sükuta getdi. Xanım istədi durub, qarını saçlasın, sonra bir təhər sakit olub, öz özünə dedi: «Məsəldir ki, «qız ağacı-qoz ağacı; hər yetən bir daş atar». Amma hər daş atanın da bir cavabı var ki, verərlər. Əsnaf arvadı bəy qızına elçi gələndə deyərlər: «Yolun altı ilə gəlmişən altı ilə qayıt, üstü ilə gəlmişən üstü ilə; rə’yətsən tayını tap...» Alıpaşa ağa özünü toxtadıb, ehmal bir səs ilə qarıya dedi: – Bacı, qızı sənin oğluna verməyə mənim heç bir sözüm yoxdur. Ancaq bizim də böyüyümüz var, ağ saqqal var, deyərik, gərək o nə məsləhət görür. Alıpaşa ağa bu sözləri dedikcə, səsində acı bir məğlubiyyət və kudurətli bir sızıltı eşidilirdi. Sadə lovh qarı isə, ağanın əhvalını anlamıyıb, sözlərindən bir dərəcə şad olmuşdu ki öz özünə gülümsünürdü. * * * Gülsüm qarı pilləkəndən enib, gedə-gedə belə xəyal edirdi: «yuxum çin oldu: qızı lap alıb, qurtarmışam... ağ saqqal da nə deyəcək ki, o da razı olacaq...» Qarı dadlı-dadlı xəyallar edə-edə həyətə enmişdi, bir də pilləkənin altından iri göydəli bir it sıçrayıb, qarını basmarladı. Qarı qışqırmağa başladı. It onun paltarlarını didik-didik edib, yerə tökdü. Biçara arvad nə qədər səs-küy saldısa, haraya bir kəs gəlmədi. Axırda naəlac qalıb, bir təhər itdən xilas olub, özünü çörək təndirinə soxdu və dəmir saçı başına çəkdi. It yetirib, arvadın əllərinin dərisini tamam dişləri ilə soyub, tökdü. Alıpaşa ağa balkona çıxıb çığırdı: – Ay uşaq iti bağlıyın! It bağlandı. Gülsüm qarını qanına bələşmiş təndirdən çıxardılar. Ağa rişxəndanə bir təbəssüm ilə üzünü qarıya döndərib dedi: – Bacı, qızı verməyə görünür ki, «ağ saqqal» razı deyil imiş. * * * Qarı güc ilə özünü evinə yetirib, bərk titrətdi və üç gündən sonra.... öldü. Yuxuda at şıllağı görmək, titrədib ölmək mə’nasına imiş!.. * * * Şaqqulunun xeyir işi Payız günü idi. Balaca şəhərin küçələrini duman bürümüşdü. Xırdaca evlər gölgə kibi görünürdülər. Səs, küy yox idi; elə bil şəhər qəmə batmış idi. Bircə uzaqdan əzan səsi gəlirdi. Bir az keçib, qaranlıq düşdü; küçədən gedən adamların da ayağının şappıltısı kəsildi: xalq evlərinə çəkildi. Nalbənd Kərbəlayı Qurban da dükanını bağlıyıb «halva bazar»dan evə gəldi. Küçə qapısını yumuruq ilə döyüb, deyirdi: – Köpək oğlunun yerində elə bil tufan qopub! Və bərk-bərk kürkə bürünürdü. Kərbəlayının arvadı, Nənə xanım səsə qapının dalına gəlib, soruşdu: – Kimsən? Kərbəlayı acıqlı səs ilə cavab verdi: – Hələ kimsən də deyir, axmaq qızı axmaq! Tez ol qapını aç soyuq məni kəsdi!.. Nənə xanım qapını açıb, qayıtdı evə. Kərbəlayı Qurban da içəridə başmaqlarını çıxardıb, sitildiyə, sitildiyə qaçıb, evin ortasındakı ocağın qırağında oturdu və başladı əllərini qaynayan pitinin buğunda qızdırmağa. Soyuq kişini belə vurmuşdu ki heç oğlu Şaqqulunun evdə olmamağını da anlamırdı. Kərbəlayı Qurban əllərini qızdırıb ayaqlarını da ocağın qırağına uzatdı, və pitini iki qılçasının arasına aldı. Görünürdü ki, kərbəlayı bir balaca qızışmışdı; çünki isti vurdukca burnunun suyu dayanmırdı, kişini təngə gətirirdi. Axırda başını əyib, ocağın qırağına burnunu belə bərk sildi ki kül duman kibi qalxıb, Nənə xanımın başına töküldü. – A kişi, dəli olmamısan, nə qayırırsan? – Eh! axmaq qızı axmaq! Məyər çöldən xəbərin yoxdur; köpək oğlunun yerində elə bil tufan qopub! Bir azdan sonra kərbəlayı dəstəmazdan ötrü su istədi. Nənə xanım soyuğa baxmayıb, getdi həyətə quyudan su çəkməyə. Kərbəlayı Qurban bir az bikar qalıb, sonra başladı köynəyinin qoltuqlarındakı və ətəklərindəki cücülərdən daşıyıb, ocağın qırağında qırmağa. Biçara heyvanlar ocağın qırağında pərakəndə olub, hər tərəfə qaçışırdılarsa da, yenə kərbəlayının dırnağına rast gəlib, zəif canlarını ona qurban edirdilər. Nənə xanım suyu gətirib, aftabada küncə qoydu və palasları geri qatladı. Kərbəlayı durub küncdə dəstəmaz aldı, və cəld namaz qılıb, arvada tapşırdı bozbaşı çəksin. Arvad dedi: – A kişi, bircə səbr elə qoy oğlun da gəlsin, bir yerdə yeyək, cümə axşamıdır elə ölülərimizin də ruhu şad gedər. Nənə xanımın sözü kişinin ağlına batdı; sakit gəldi ocağın qırağında oturub, fikrə getdi və bir iki dəqiqədə başını tərpədib, üzünü arvada çöyürüb, başladı: – Belə olmaz, gecənin yarısına kibi gəzməzlər, nəyə demirsən «oğul, vaxtında evə gəl»? – Nəyə gəlsin, a kişi? Evdə nə var? Qoy cahıldır gəzsin! Evə gətirib, ev toyğu qayırmıyacaqsan ki? – Qandı da, qandı da! Axmaq qızı axmaq! Mən sənə demirəm ki gətir ev toyğu qayır. Deyirəm ki gündüz bikar-bikar dükanlar qabağında gəzdiyi bəsdir: gündüz qumarxanalarda küllənib, evin şeylərini aparıb uduzduğu kifayət elər. Barı, gecə olanda xarabaya tez qayıtsın... – Uduzmağının sənə dəxli yoxdur! Sənin şeyini aparmır ki; öz atam evindən gətirdiyim şeylərdir. Özüm verirəm ki aparıb, nə eliyir eləsin, təki qəm yeyib, ürəyinə xal salmasın. Bircə ondan savayı, kimim var: elə əkib, biçdiyim odur, tayna. Bu da məktəbə qoymaq oldu ki, başını böyüdəsən.... – Heç bilirsən, Nənə xanım, mənim başıma nə gətirdin? İstəmişəm məktəbə qoyam qaradan başı çıxsın-demisən: vay bircədir oxuyar ürəyi qısılar, ölər; məktəbdən çıxarmışam. İstəmişəm sənətə qoyum ki, avara qalmasın-demisən ki o neylir sənəti, cavan uşaqdı, qoy böyüsün. İndi də belə, Nənə xanım? İndi də belə?.. qoyarsan ki murtəd qızı, murtəd, oğlum mənim sözümə baxsın; onu eləmisən mənə düşman... – Yaxşı eləmişəm! Bir də yaxşı eləmişəm; əlimin də içindən gəlib. Ağzını təmiz saxla! Kərbəlayı Qurban durub, «köpək qızının cavabına bax» deyə-deyə Nənə xanımın başına bir neçə yumuruq vurdu və istədi belinə də bir iki təpik salsın.... ayağı pitiyə ilişib bozbaşı ocağa tökdü. Bir dəqiqədə kül və tüstü evi bürüdü.... * * * Sabah kərbəlayı Qurban tezdən durub, namaz da qılmamış istədi bazara getsin, arvad onu tutub dedi: – A kişi, evdə çay, qənd yoxdur. Pul ver aldırım. Kərbəlayı arvadı geri itəliyib, söyə-söyə evdən çıxdı. Nənə xanım bir az fikirə gedib, pəncərənin qabağına yeridi – gün çıxıb, ağacların başına şəfəq salmışdı; hava təmiz və çox soyuq idi. Bir də geri qayıtdı, əsniyə-əsniyə dalına bir çirkli və cırıq yorğan salıb, oturdu. Ocağın halına baxdıqca gecəki işlər Nənə xanımın yadına düşürdü və öz özünə deyirdi: – Şaqqulunun gəzməyinin üstə mənim başıma çox iş gələcək... bir yana da baxanda kişi pis demir: «Gəzən ayağa daş dəyər». Gərək daha yavaş-yavaş onun ipini çəkəm. Özünün də avara gəzdiyi bəsdir; gedim bir tanrı bəndəsinin qızını gətirim, bəlkə küçələrdən daşına. Onun başına cilov keçəndən sonra mən də rahat olaram; daha kişinin kötəyini yemərəm. Həmi də gəlini olmaq da elə bir yaxşı işdir. Dünya da ölüm, itim, dünyasıdır; bəlkə azarladım, bəlkə başıma bir iş gəldi; onda mənə kim qulaq asar. Gəlinim olmasa, damın oltında qalasıyam ki qalasıyam!... Bu halda qapı açılıb, Şaqqulu içəri girdi. Şaqqulu iyirmi üç yaşında bir oğlan idi. Uzun burnu soyuqdan qızarmışdı, və xırda gözləri yorğun baxırdılar. Nənə xanım oğlunu görəndə yerindən atılıb, başladı: – Bıy, ay, balam, haradasan? Nəyə bikefsən, qurban olum? Şaqqulu evi görəndə mat qaldı: bir tərəfdə çirkli mütəkkələr tökülüb, bir tərəfdə palaslar qovzanmışdı, və ocağın ortasında piti yıxılıb, bozbaşın ətləri külə tökülmüşdü. – Yenə yoxsa kişi ilə dava-dalaş eləmisiniz, ay, nənə! Nə üstə oldu de görüm? – Nə üstə olacaq, sənin üstündə! Deyir niyə gecələr gəzir... Şaqqulu acıqlanıb nənəsinin sözünü kəsdi: – Onluq nə var? Gəzirəm özümə. Vallah boğazını quş boğazı kibi üzərəm! Şaqqulu yuxusuz olmağa görə paltarlı yerə uzandı, üstünə bir çirkli yorğan çəkib, gözlərini yumdu və bir də başını qovzuyub, «vallah boğazını quş boğazı kibi üzərəm» deyib, yatdı. * * * Bir neçə vaxt keçdi. Payız qurtardı. Qışda yavaş-yavaş qarı və soyuğu ilə ötüb getdi. Bahar yavıqlaşdı: dağlar, səhralar yuxudan ayılıb, göyərməyə başladı; ağaclar çiçək açdı; hava qızdı. Nənə xanım da evdə oturmurdu: cəhrəsini çıxardıb, həyətdə armıd ağacının dibində qurmuşdu; axşamadək vızıldadırdı. Kərbəlayı Qurban isə getməyəndə həyətdə bir yerdə çay da içirdilər və çay içəndə fikirlərindən çox çox şeylər də keçirdi. Məsələn: arvad deyirdi: – A kişi, heç bir Şaqqulunu evləndirmədin axır. Kişi də ona cavab verirdi: – Doğrudan arvad bir halal süd əmmişini tapsa idin yaxşı olardı. Bir gün yenə söhbət vaxtı Nənə xanım dedi: – Ay kişi, ömür getdi, gün getdi, bircə toy eləmədin. Allaha heç rəva deyil ki mənim taylarım hamama gedən də buxçasını, gəlini gətürsün, canın sürtsün, yuyundursun, çıxanda da başmağını cütləsin; amma mənim gəlinim olmasın! Yox, belə olmaz, gərək Şaqqulunu evləndirək. Bunun cavabında Kərbəlayı Qurban soruşdu: – De görüm sandığında nəyin var? – Ay kişi, atayın goru haqqı, heç zadım yoxdur. Nəyim var ki, ay başı daşlının oğlu. – Mənim özün bilirsən ki heç zadım yoxdur. Bəs nə qayıraq? Bir neçə dəqiqə fikrə gedəndən sonra birdən Nənə xanım əllərini qovzuyub dedi: – Tapmışam! Bir artıq palazımız var onu satak toy eliyək. Kərbəlayı Qurban çubuğu doldurub, almışdı ağzına və hərdən bir hayxırıb, ağacın dibinə tüpürürdü və arvadın sözünə qulaq asmıyıb, deyirdi: – Axı, mən də kişiyəm, qoy bir fikir eliyim. Və sonra şahadət barmağını alnına qoyub, və gözünün altınca arvada baxırdı: – Bilirsən nə var, yoxsa yox? Nənə xanım soruşdu: – Nə var, ay kişi? – Hələ dur, – dedi və neçə vaxtdan sonra: – arvad da olsan yaxşı fikir eləmisən... ya... xşı.... fi.... kir... di. Satak getsin! Mən palazı satım, sən də sabah məşşatəni tap, götür get qız axtarmağa. Bildin? – Neyəcə bilmədim, ay kişi! * * * Sabah ertə idi. Gün təzəcə çıxmışdı. Gözləri şeh ilə dolmuş çiçəklər yavaş-yavaş açılırdılar. Armıd ağacının dibində palas salınıb və üstə çirkdən qaralmış bir samavar qaynayırdı. Kərbəlayı Qurban, Nənə xanım və bir ayrı arvad oturmuşdular. Bu arvad gödə boy, adətdən kanar yoğun bir adam idi. Başı ağ, üzü qırışmış, burnunun qabağı da həmişə burnotu çəkməkdən göy olurdu. Bunun sənəti məşşatəlik idi. Yeri düşəndə noxud ilə fala da baxırdı; çəpçülükdə də mahir idi. Belə camaat arasında məşhur olmuşdu ki, yanına tez-tez azarlı da gətirirdilər. Bunlara məşşatə baxıb, deyirdi: – Bıy nəyi var ki, ürəyində tikə qalıb, bu saat sığaram ətər gedər işinə... Bu arvadın adı Yetər idi. Kərbəlayı Qurban çubuğu doldurub, damağına aldı və Nənə xanımdan bir od istədi; o da samavardan maşa ilə bir od çıxardıb, çubuğun başına basdı və üzünü döndərib, kərbəlayıya dedi: – Ay kişi, niyə dinmirsən? Çubuğu sonra da çəkə bilərsən, bircə dillən! – Sən atayın goru, məndən əl çək! Mən arvad deyiləm ki sizin işinizi biləm. Qaldı Yetərə, yəni o bilmir buraya Şaqqulunun xeyir işindən ötrü gəlib? – Kişidi dayna, cavab verdi! Bu sözləri Nənə xanım deyəndə Yetər ağzını yaşmıyıb, qoca qoyun bağıran kibi güldü. Kərbəlayı Qurban çubuğu ağzından çıxardıb, başladı: – Ay balam, axır bir söz yoxdur deyim... çayınızı için, gedin bəlkə Şaqquluya bir halal süd əmmişini tapasınız. Baxın, göyçəyini alın, üzü yola, fəqir və işlək olsun. Daha bir sözüm yoxdur; allah bu işdən bizə çox xeyir versin! Yetər yaşmanıb dedi: – Amin! Amin! Gün o gün olsun gəlinin sənə qulluq eləsin, başına dönüm, yazıqsan! Nənə xanım çay töküb, bunlara verdi. Bu halda Şaqqulu əlində bir aftaba çıxıb, həyətə getdi. Və sonra üzünü ətəyinə silə-silə gəldi oturdu. Yetər yaşmanıb, yavaşca buna pıçıldadı: – Qadan alım, gör sənə nə qız tapacağam. Şaqqulu bunun üzünə dik baxıb və sonra qızarmış üzünü aşağı saldı. Çaydan sonra Nənə xanım Yetər ilə çarşavı bürünüb, qız axtarmağa getdilər. Bir evə girib, iki evə girib, axırda elçilər getdilər birinə. İçəri gircək gördülər günün qabağında palas salınıb, bir qız yun daramağa məşğuldur. Gendən baxan kibi qız bunlara xoş gəldi və iləri yeriyib, su istəmək bahanası ilə qızı danışdırdılar. Qız cəld üstünü çırpıb, qızara-qızara otağa qaçdı. – Kimsiniz? Niyə gəlmirsiniz? deyə-deyə qızın anası, qonaqların qabağına çıxdı. Nənə xanım Yetər ilə bir balaca otağa girdi. Otaq keçə və palaslar ilə döşənmişdi. Suvaqsız divarda qədim tüfənglər və qılınclar asılmışdı; rəflərdə pas basmış mis qablar üst-üstə yığılmışdı. Otağın küncündə bir dəyirmi masa görünürdü. Bunun üstünün qalın tozu, masanın burada heç bir işə yaramadığını xəbər verirdi. Çirkli pəncərədən az işıq düşməyə görə otaq qaranlıq idi.... Qonaqlar döşəklərin üstə oturdular. Qız bir azdan sonra əlində bir qab su qapıdan girdi. Elçilər qızı təzə paltarda görəndə heyran-heyran bir-birlərinin üzünə baxırdılar. Qırmızı paltar və üzünə tökülən qara zülflər qızın nazik bədəninə daha da gözəllik verirdi... Qızın adı Pəri idi. Bunun gülüş sifəti və hər nə deyiləndə «bəli» deməyi, elçilərə çox xoş gəldi. Yetər əlindən burunotu qabını cəld döşəyin altına qoyub, üzünü qıza döndərdi... – Bıy, atam anam boyuna, buxununa qurban! Pəri qızarmış üzünü aşağı saldı və suyu verib, o biri otağa girdi. Burada iyirmi altı yaşında, iri burunlu bir qız oturub, corab toxuyurdu və hərdən bir əlilə ocaqdan kömür götürüb, qabağındakı samavara salırdı. Bu qız Pərinin böyük bacısı Sənəm idi. O biri otaqda Yetər macal tapıb istədi söhbət açsın. Nənə xanım ilə bir iki dəqiqə pıçıldaşandan sonra ev sahibinə dedi: – Başına dönüm, doğrusu yoldan keçirdik istədik burada bir az su içək, amma... qız bizə xoş gəldiyindən oturub qalmışıq. Bir dəqiqə sakitlik keçdi. Qonaqların üzündən cavab gözləmək məlum olurdusa da, ev sahibi həmişə dinməz baxırdı.. Yetər yenə badrondan burunotunu avıcının içinə töküb və iki barmağı ilə burnuna çəkib, əlini döşəyə sildi və bir iki asqırıb, öskürüb yenə dedi: – Başına dönüm, bircə de görüm adın nədir? – Sən yaxşı adama oxşuyursan. – Məşədi-Fatmadır. – Bu su gətirən qızındırmı? Məşədi Fatma yavaş səs ilə «bəli» deyib, başını aşağı saldı.. Yenə sakitlik düşdü. Bu dəfə Yetər istədi mətləbi daha aşkar eləsin... Ona görə üzünü Fatmaya çöndərib, dedi: – Başına dönüm, Məşədi-Fatma, allahdan gizlin deyil daha səndən niyə gizlin olsun; sənin qızın bizə çox xoş gəlib. Bunun da (əlini Nənə xanıma uzatdı) bir başı aşağı oğlu var; onu sənə nəkrə verir. Dahı, imdi özün bilərsən nə elərsən.... Bu halda Pəri əlində çay içəri girdi və çayı verib, nənəsinin işarəsilə cəld çıxdı.. Nənə xanım dedi: – Məşədi, bizi tanımırsan, biz də səni. Amma inşallah axırda görərsən biz necə adamıq. Nənə xanım söz danışdıqca, Yetər də başını tərpədirdi; deyə-deyə: – Elə yaxşı adamdırlar, allah bəndəsi! Bircə parça da çörəkləri var. Məşədi-Fatma həmişə fikirdə idi. Sifətində hərdən bir şadlıq görünürdü; amma elçilərə dürüst cavab vermirdi. Bunlar sual etdikcə ki, nə deyirsən, qızı verirsənmi; deyirdi: – Sizin xoş sifətizə verməyə mən razıyam, amma gərək uşaqların dədəsi də razıdırmı? Elçilər çayı içib, durdular ayağa getməyə. Və vədə verdilər ki, iki gündən sonra birdə gəlsinlər. Qonaqlar otaqdan çıxanda başmaqların Pəri çiftliyib, yanında durmuşdu. Nənə xanım qızın üzünə həsrət ilə baxıb, birdən gülə-gülə çənəsinə əlin uzatdı: – Bıy, boyuna qurban olum, ay mənim balam!.... * * * Gün orta idi. Müəzzin uca səs ilə əzan verirdi. Kərbəlayı Qurban Nənə xanım ilə süfrənin qanarında üzü qibləyə əyləşmişdilər. Bunlardan o yana Yetər üzünü bürüyüb, oturmuşdu və evin dalında Şaqqulu manqalın üstə kabab bişirirdi. Nənə xanım əzanın səsini eşitcək, bərk səs ilə Şaqqulunu çağırdı: – Şaqqulu! Şaqqulu qurban olum bir tez gəl! Şaqqulu gələn kibi yanında yer göstərib, dedi: – Başına dönüm əzan deyilir; tez ol otur süfrənin başında üzünü də qibləyə çeyür, ömrün qırx gün uzansın! Şaqqulu «A kişi, sən atayın goru qoy görüm» deyib, getdi kabab bişirməyə. Çörək yeyildi. Kərbəlayı Qurban ayaqlarını uzadıb, çubuğu almışdı, damağına və hərdən bir ağzından halqa-halqa tüstü çıxardırdı. Şaqqulu pəncərəyə söykənib, bığını bururdu, Nənə xanım Yetər ilə söhbətə məşğul idi. Birdən kərbəlayı ayaqlarını cəld çəkib, soruşdu: – Bıy, ay Yetər, de deyin görək bu gün nə təhər oldu? Yetər gülümsünüb, başladı: – Kərbəlayı, sənə layiq bir yaxşısını tapmışıq; o sənin gəlinin olsa daha dərdin olmaz. Şaqqulu bu sözləri eşitcək, Yetərin üzünə zənn ilə baxırdı. Elə bil istiyirdi işdən tez xəbərdar olsun. Yetər yaylığına burunotunu silib, yenə nağıl eləməyə məşğul oldu: – Kərbəlayı, bir əyirən, bir toxuyan, bir odun, qurdun parası! Dahı belə şey olmaz! Özü də çox gözəldir: ağ, ağ, qırmızısı da qırmızı; uzun boylu, saçı dabanında, uçuq evin dirəyi bir qızdır... Yetər danışdıqca kərbəlayı deyirdi: – Çox yaxşı, çox yaxşı! De tez olun kəbin kəsdirək! Şaqqulu işdən xəbərdar olub, həyətə getdi. Burada bir ağacın dibində öz özünə deyirdi: – Deyəsən məni doğrudan evləndirirlər. Əgər belədirsə, pis əhval deyil! * * * Gecə oldu. Çıraqlar yanmışdı. Qız evində bərk söhbət var idi. Məşədi-Fatma ərinə və oğlanlarına elçilərin gəlməyindən nağıl eliyirdi. Əri cavab verirdi: – Mən kişini tanıyıram: öz işində kasıbkar bir adamdır. Amma oğlu bir az «dələduz»dur. Onda arvad deyirdi: – A kişi, dələduz olanda nə olar; cahıldır, ağlı başına gələcəkdir. Ver getsin, qızı saxlayıb un çuvalına tay qayırmıyacaksan ki; məsləhətdir ver başından rədd olsun! Kişi Məşədi-Fatmaya cavab verdi: – Hacının qızı, doğrusu ürəyim gəlmir bu sövdəyə girim; elə ha vaxt fikir eliyirəm, heç başıma batmır! – Ay kişi, elə sən əvvəldən ağılsız oldun. Sən yaxşı bilirsən ki böyük qız çirkin olub, evdə qalıb. O elə bədbaxt olub imdi də istiyirsən ki bu da elə bədbaxt olsun!... – Yox, Hacının qızı, bir iş də var: axır böyük qız dura-dura kiçiyi ərə vermək yaxşı deyil. Gərək əvvəl Sənəmi verək, sonra Pərini. – Eyy, ay kişi, heç iş bilən deyilsən vallah! Böyüyü göstərsən axır almazlar. İndi Pərini görüb bəyəniblər. Deyək ki verik. Kəbin kəsilsin, sonra keçəndə Pərinin əvəzinə Sənəmi köçürərik. Kişi bir müddət fikirə gedib, sonra bərk güldü: – Vallah əgər şeytanın da ağlına belə fikir gələsə. Doğrudan gərək belə ola xa-xa-xa-! Sabah elçilər gələndə deyin «başına dönüm veririk; çox yaxşı adamsınız, vallah veririk; sizdən yaxşı daha kimi tapacağıq ki, gedək kəbin kəsdirək»! * * * Gün gündən keçirdi. Toy yavıqlaşırdı. Kəbin kəsilmişdi. Nənə xanım gündə qapını, bacanı silib, süpürüb, təmizliyirdi ki, Şaqqulunun xeyir işi var. Amma Şaqqulu hələ nişanlısını görməmişdi. Yetəri ha vaxt görəndə deyirdi: – Yetər, əgər qızı mənə göstərsən, sənə nə istəsən verərəm! Yetər də deyirdi: – Göstərərəm, amma gərək nə versən qabaqca verəsən! Onda Şaqqulu əlini cibinə salıb, kisəni çıxardırdı və deyirdi: – Vallah, billah, çörək haqqı, nə istiyirsən alım!... Axırda bir gün Şaqqulu Yetərə bir məxmər çəpkən vədə verdi ki, qızı göstərsin. O da razı oldu və dedi: – Sabah ertə gələrsən bulağın üstə, qız suya gələcək. Mən kimin çiyninə əlimi qoysam, bil ki nişanlın odur. Onda dürüst baxarsan. Bu təhər Şaqqulu sabahı gün qızı görüb, aşıqladı və səbirsiz toyu gözlüyürdü. * * * Sərin gecə idi. Ay dağın dalından təzə çıxırdı. Şəhərdən bir səs eşidilmirdi; guya camaat qaranlıqda mürgü döyürdü. Birdən şəhərin bir küçəsindən ucadan zurna səsi gəldi. Sonra ağaclar qızardı: bir məşəl göründü, küçə işıqlandı. Camaat uca səs ilə salavat çöndərib, Kərbəlayı Qurbanın evinə tərəf gedirdi. Gəlini ağ paltara geyindirib, ata mindirmişdilər və başını cığ-cığa ilə bəzəmişdilər. Daldan yengələr və qatırlardakı cehizlər gəlməkdə idi. Zurnanın səsi «allah, allah» səsinə qarışıb, şəhərə yayılırdı. Qatırların qumrovlarının «lum dum; lum dum» cingildisi, evlərə düşürdü. Səsə arvadlar yügürüşürdü, cehizləri saymağa; bə’zi də dama dırmaşırdı. Burada biri o birinə deyirdi: – Ay Püstə bacı, başına dönüm, allah sənin də qızına qismət eləsin yazıqdı; evdə qaldığı daha bəsdir! Oda cavabında: – Amin! Amin! Qadan alım, sənə də qismət olsun! Gəlin gəldi. Bir neçə dəqiqə idi ki otaqda tək qalmışdı; Şaqqulu hələ taxtapuşda gizlənmişdi. Sonra sağdışlar bunu aşağa endirib, saldılar gəlin otağına, və sonra qapını örtüb, başladılar yengələr ilə pəncərədən içəri baxmağa. Şaqqulu qabağında ağ parçaya bürünmüş gəlini görəndə ürəyi bərk-bərk döyündü, bihiss qaldı, və ixtiyarı olmadı ki bir söz desin. Bir neçə dəqiqə özünü toxtadıb, birdən başladı: – Bıy, bura oturmağa gəlmisən? Niyə üzünü açmırsan? Axır... ürək döyünməsi qoymadı ki sözünü qurtarsın. Yenə bir az dayanıb dedi: – Bıy.... Bıy!.. Tez ol, axır qapıda gözlüyürlər... Şaqqulu yenə qızdan cavab eşitmiyib, bir az irəli yeridi. Və bir az da özünü toxtadıb, lap irəli yeridi və əli titrəyə-titrəyə gəlinin üzünü açdı. Şaqqulu ağ parçanı qanara tolluyub, gəlinin üzünü görcək, cəld geri çəkildi, və bir də zənn ilə baxıb çığırdı: – Bu o deyil! O deyil! Sonra qapıya yüyürdü və Yetəri orada görüb, başına bir yumruq iliştirdi: – Ay köpək qızı! Bəs bulaqda göstərdiyin qız necə oldu? Bu deyil! Bu deyil. Deyib qışqırdı. Qapıdakılar Şaqqulunu tutdular və Kərbəlayı Qurban cibindən çubuğu çıxardıb, Şaqqulunun başına vururdu ki niyə səs küy salır. Şaqqulunu tutdurdular, tutulmurdu; cin atına minib, bar-bar bağırırdı. Deyirdi: – Mən istəmirəm; o deyil! Vallah ya onu öldürəcəyəm, ya Yetər köpək qızını! Kərbəlayı Qurban bu sözləri eşitcək hirsli yüyürüb «köpək oğlunun dilinə bax dilinə» deyə-deyə Şaqqulunu birçəylədi. O da əlini rəfə atıb, «köpək oğlu özünsən!» deyib kərbəlayı bir qazan salbası vurdu. Kərbəlayı da ona bir kəfgir qolazladı. Kəfgir də tərs kibi Şaqquludan ötüb, Nənə xanımın burnunu əzdi. Bir dəqiqədə bura bir-birinə qarışdı. Gəlin yengələr ilə çölə qaçdı. İçəridə səs küydən qulaq tutulurdu. Hərdən bir Yetər də səslənirdi: – Ay aman, kişinin başına yağlıqara gətirin, yağlıqara! yağlıqara!... Birdən bərk şaqqıltı gəldi: pəncərə sınıb, töküldü və çıraq da içəri də sındı... elə bil qurbağının gölünə daş atdın: Səs küy bir dəqiqədə kəsildi. Bircə Nənə xanım çığırdı: – Evin yıxılsın qız verən! Üstünə od yağsın qız verən! * * * Yarım saatdan sonra gəlin başına iki qat çarşaf ağlaya-ağlaya atası evinə qayıdırdı və deyirdi: – Allah, mən sənin altında nə qayırmışdım ki başıma bu iş gəldi?... * * * Kitabxana.az · https://kitabxana.az/collections/cemenzeminli-kecmis-sehifeler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1943). Public domain (author died 1943). Original text only.